Gözəlçə

Gözəlçə
Süzanna Şaybler
Ekranlaşdırılmış əsər
Bu roman ekran əsərlərinin ən uğurlu kitab variantlarından biri sayılır. Kitab 1990-cı illərdə böyük uğur qazanmış “Gözəlçə” filminin özü qədər təsirli, ovsunludur.

Süzanna Şeybler
Gözəlçə

I fəsil
Filip Stakinin Hollivuddakı villasında ziyafət idi. Bu ziyafət adi kübar məclislərindən o qədər fərqlənmirdi. Bağa yığışmış şıq geyimli xanımlar və cənablardan kimisi terrasda, kimisi geniş çəmənlikdə İsveç masalarının böyründə yerini rahatlamışdı. Hamı yeyib-içir, söhbətləşirdi.
Dəvətlilərin əksəriyyəti cavan, ya da cavan görünməyə can atan qonaqlar idi. Kişilər açıqrəngli kostyumlar və eyni çalarlarda köynəklər geyinmişdilər. Belə kostyum-köynəklər onların Kaliforniya günəşi altında yanmış dərilərinin tunc rəngini daha qabarıq nəzərə çarpdırırdı. Kişilərin xarici görkəmlərindən onların hər gün tennis kortunda, idman klubunda və üzgüçülük hovuzunda xeyli vaxt keçirməklə özlərini formada saxlamağa çalışdıqları hiss olunurdu. Qüsursuz saç düzümləri və makiyajları olan xanımlardan ətrafa «Dior», «Armani», «Jivanşi» və «Unqaro» ətirlərinin başgicəlləndirici rayihəsi yayılırdı. Qadınların nəfis bər-bəzəklərini görənlər o dəqiqə anlayırdılar ki, bunları məhz Rodeo Drayvdan – bütün Qərb sahilindəki ən dəbdəbəli və yəqin, ən bahalı ticarət küçəsindən alıblar.
İspan üslubunda qurulmuş köşkdə bir dəstə qonaq Filip Stakinin onları əyləndirmək üçün pulla tutduğu hoqqabazı dövrəyə almışdı.
– Əziz xanımlar, – hoqqabaz arıq barmaqlarını iki qadının qabağa uzatdıqları ovucları üzərində sürətlə oynadırdı, – mənim sözlərimə diqqət verməyin: pul sözdən irəlidir! Təsəvvür edin ki, bank kreditlərini siz idarə edirsiniz. Nə varsa, sizin əlinizdədir, məndə heç nə yoxdur!
Bunu deyib o, gənc reportyor Süzan Braysonun ovcuna üç qızıl sikkə qoydu.
– Bir, iki, üç, – iri sikkələri saydıqdan sonra hoqqabaz Süzanın ovcunu yumdu və dördüncü sikkəni yanında durmuş qırmızı paltarlı qadının ovcundan götürdü.
Hoqqabaz hamının sikkəni görə bilməsi üçün onu başının üstünə qaldırdı və ətrafdakılara nümayiş etdirdi. Sonra o, ovcunu yumub açdı – sikkə yoxa çıxdı.
– Nə varsa, sizin əlinizdədir, məndə heç nə yoxdur! – hoqqabaz bayaqkı sözlərini təkrar edib Süzanın barmaqlarını araladı. Doğrudan, qızıl sikkələrin dördü də qızın ovcunda idi.
Ətrafdakılar gülüşdülər. Hoqqabaz isə doğurduğu təəssüratdan məmnun qalıb oyunu davam etdirdi:
– Amma, deyəsən, sizə qızılı etibar etmək olmaz. Bir pens də bəsdir.
O, Süzanın ovcundakı dördüncü sikkəni götürüb çevik hərəkətlə bir əlindən o birisinə atdı. Qızılı iri mis pula «döndərdi» və onu dərhal qırmızı geyimli qadına verdi, gülümsəyib sözünə davam etdi:
– Əlbəttə, siz qızıl sikkənin harada olduğunu bilmək istəyirsiniz. Diqqət!
Möcüzə baş verdi: qızıl sikkə Süzanın qulağının dibindən çıxdı.
Qonaqlar ürəkdən güldülər və hoqqabazı alqışladılar. Yığışanlar gözəl əhvali-ruhiyyədə idilər. Bu zaman yaşı otuzu keçmiş, qarnı pırtlamış və başı dazlaşmağa başlamış ev sahibi Filip Staki onların arxasında peyda oldu.
– Bir qulağa görə bir pens? Əladı ki! – hoqqabazın son əməlini görən Staki güldü. – Bəs qalanı neçəyədir?
Yaraşıqlı sarışın Süzan bu atmacaya cavab verməyə macal tapmamış Staki yanındakı cavan kişiyə tərəf döndü.
– Edvardı görməmisən, Mark? – soruşdu.
Mark başını buladı.
– Təəssüf ki, yox. Əntiqə məclisdir, Filip!
Staki cavab əvəzinə yüngülcə gülümsədi, hərçənd tərifdən xoşlandığı aydın görünürdü.
– Arvadın, mənim arvadımın əməyinin bəhrəsidir. Heç bilmirəm, bu qədər işin öhdəsindən necə gəlib? Təsəvvür edirsiniz, məclislərdə xidmət göstərən firmanın nömrəsini yığanadək nə qədər əziyyət çəkib? – bu yerdə Filip özündənrazı halda güldü. – Bağışlayın, – dedi və qonaqların arasında yoxa çıxdı. Başqa bir tanışı barda gözünə dəymişdi, onunla da bir-iki kəlmə danışmaq istəyirdi.
– Salam, Hovard! Hə, işlər necədir? – Filip qoşadüyməli boz yüngül kostyum geyinmiş cənabla salamlaşdı.
Cənab söhbət etdiyi cavan xanımdan üzr istəyib Stakiyə tərəf çevrildi:
– Hər şey normaldır, Fil. Sizin kontorda nə var? Eşitmişəm, Edvard indi də «Mors İndastriz»lə maraqlanır.
– Bura günəş vannası qəbul etməyə gəlməyib ki, – deyə Staki başı ilə təsdiqlədi.
– Bəlkə, şərik olaq?
– Buyur. Sən zəng vur! Mənə zəng et! – Staki həmsöhbətinin çiynini döyəcləyib ondan ayrıldı və qonaqların arasından sivişib başqa bir qaraşın cənabın yanına tələsdi.
– Xoş gördük! Mən Filip Stakiyəm, – deyə özünü təqdim etdi, – Edvard Lyüisin vəkili.
– Xoş gününüz olsun! – yaşlı kişi Filipin əlini sıxdı. – Maraqlıdır, bu məclisin fəxri qonağı hara yoxa çıxıb? – o, Stakidən soruşdu.
Yaşlı kişi «fəxri qonaq» deyəndə müflisləşmə həddinə düşmüş «Mors İndastriz» şirkətini almaq üçün Nyu-Yorkdan bura gəlmiş «Lyüis Enterprayzis»in başçısı Edvard Lyüisi nəzərdə tuturdu.
Edvard ilə Filip təkcə dost deyildilər. Staki uzun illər idi ki, Edvardın firması üçün vəkillik edirdi və dostunun işgüzar duyumu və uğurlu sazişləri sayəsində böyük pullar qazanırdı.
Staki ətrafa boylandı, amma dostu nə köşkdə, nə terrasda, nə də qonaq otağında gözə dəyirdi. O, kinayə ilə gülümsədi.
– Kimi də olmasa, Edvardı mən yaxşı tanıyıram… Mərc gələrəm ki, hansısa xəlvət guşədə bir quşcuğazla şirin söhbətdədir.
Filip yaşlı kişinin üzünə bir daha gülümsədi və onun yanındakı çox gözəl gənc qızın yanağından öpdü.
– Necəsən, balaca? – deyə o, qızın halını soruşdu, amma cavab gözləmədən digər qonaqlarını yoluxmağa getdi.
Nümunəvi ev sahibi kimi Staki hər kəslə kəlmə kəsməyə, hamının üzünə gülümsəməyə, yaxud uzaqdan da olsa, başı ilə salamlaşmağa çalışırdı. Arada qonaqlardan birinin yanında ayaq saxlayır, nəzakət qaydalarına uyğun olaraq onunla ayaqüstü söhbətləşirdi.
Amma Edvard Lyüis dostu Filip Stakinin güman etdiyi kimi hansısa küncdə özünə qız tapıb əylənmirdi. O, Stakinin kabinetində qarağacdan nəhəng yazı masasına söykənib telefonda Nyu-Yorkla danışırdı. Onun düzgün cizgilərə malik, cazibədar sifətindən dilxor olduğu sezilirdi. Edvardın qıcıqlandığı səsindən də hiss edilirdi.
– Mənim katibəm hər şeyi həll etməli idi. O sənə zəng vurmamışdı?
– Zəng vurmuşdu, – deyə xəttin o başından əsəbi qadın səsi cavab verdi. – Niyə səndən çox, katibənlə danışıram.
Edvard hirsini boğdu. Cessika ilə münasibətləri çoxdan davam edirdi, uzun müddət birgə yaşamışdılar, lakin son zamanlar qız onu bezdirmişdi. Görünür, eşq macərasının sonu gəlmişdi.
– Hə, yaxşı, – o, kabinetin iri pəncərəsindən günəş şüalarına bürünmüş təpələrə baxa-baxa mızıldadı.
– Hər halda, mənim də öz şəxsi həyatımı qurmağa ixtiyarım çatır, – Cessika onun heç vaxt həzm edə bilmədiyi qəzəbli tərzdə ağlamsındı.
– Los-Ancelesdəki bu həftə mənim üçün çox vacibdir, – Edvard səsini mümkün qədər yumşaltmağa cəhd göstərdi və qızı dilə tutmağa başladı. – Sən indi mənə burada lazımsan.
– Xəbərdarlıq edə bilərdin, – Cessika fınxırdı. – Yoxsa elə bilirsən, bircə fit çalmağına bəndəm, o dəqiqə küçük kimi qaça-qaça dalınca gələcəyəm?
– Cessika, – Edvard inildədi, amma dərhal özünü ələ aldı, sakit və səbirli tərzdə sözünə davam etdi, – niyə elə fikirləşirsən ki, fitə gələn küçüyə bənzəyirsən?
– Sən daim bunu mənə hiss etdirirsən. Məncə, çamadanlarımı yığışdırıb sənin mənzilindən köçsəm, yaxşı olar.
– Əgər qərar vermisənsə, buyur! – Edvard, nəhayət, ürək sözünü deyib rahat nəfəs aldı.
Cessika incidi:
– Sən Nyu-Yorka qayıdanda bu barədə danışarıq.
Amma Edvard xoşagəlməz, sonu, çox ehtimal ki, qalmaqalla bitəcək vacib söhbəti sonraya saxlamaq istəmirdi. Ona görə də səsinə soyuqluq qatıb dedi:
– Əgər söhbət etmək istəyirsənsə, elə indi də münasib məqamdır, başqa məqamı gözləmə.
– Lap yaxşı, mənə də belə sərf edir, – Cessika titrək səslə cavab verdi. – Salamat qal, Edvard!
Qız dəstəyi atdı.
Edvard telefonun dəstəyi qulağında bir müddət beləcə dayandı. Qızın artıq onu eşitmədiyini anlasa da, «Salamat qal, Cessika» dedi və dərindən nəfəs alıb dəstəyi yerinə qoydu.
«Cessika ilə eşqimiz də bitdi», – Edvard düşündü. O, əlini qısa vurulmuş, yüngülcə qıvrılan, arasında tək-tək ağ tüklər görünən tünd saçlarına çəkdi, tünd-boz pencəyinin ətəyini dartdı və Filin kabinetindən çıxdı.
Pilləkənlə aşağı düşərkən Edvard villanın arxa həyətində əylənən qonaqlara göz gəzdirdi. Onlara qoşulmaq heç ürəyincə deyildi.
«Bu Cessika işləri korladı!» – Edvard düşündü. Düzdür, son zamanlar onların münasibətləri pisləşməyə doğru gedirdi, amma yenə də qızın qəfildən «əlvida» deməsi kişinin kefini pozmuşdu. Əlbəttə, o başa düşürdü ki, iztirab çəkmək üçün səbəb yoxdur, ancaq, nədənsə, qanı qaralmışdı. «Qadınlar heç cür anlaya bilmirlər ki, kişinin qəhrəman aşiq rolunu oynamaqdan da vacib məşğuliyyəti ola bilər?»
Bir cavan oğlan pilləkənlə qalxırdı. O, «Lyüis Enterprayzis»in Los-Anceles şöbəsinin əməkdaşlarından biri idi. Vens adlı bu oğlan müdirini görəndə rahat nəfəs aldı:
– Filip sizi axtarmağı tapşırmışdı…
– Filip? Yəni mənim vəkilim Staki? – Edvard əsəbi halda Vensin sözünü kəsdi.
– Bəli, şef, – müdirinin qəribə davranışı Vensi heyrətləndirdi.
Edvard pilləkəndə ayaq saxladı və Vensin gözləmədiyi sual verdi:
– İndi Tokio birjasında «Mors İndastriz»in səhmləri neçəyədir?
– Bilmirəm.
Edvard saata baxdı və üzünü turşutdu:
– «Bilmirəm» nə deməkdir? Artıq saat yarımdır ki, Tokioda hərrac başlayıb. Siz bilməlisiniz!
Vens «farağat» komandası gözləyən əsgər kimi dabanlarını cütləşdirməyə hazır vəziyyətdə tələsik cavab verdi:
– Bu dəqiqə öyrənərəm, ser!
Edvard bir az yumşaldı, başı ilə ona «gedə bilərsən» işarəsi verdi və qarşısında peyda olmuş iki xanımın üzünə gülümsədi. Onlardan biri sevincək civildədi:
– Salam, mister Lyüis!
Edvard hər iki xanımın əlini elə hərarətlə sıxdı ki, sanki qadınlar şəxsən onun, özü də ən əziz qonaqları idilər.
– Sizi görməyimə şadam! – deyə o, bir daha gülümsədi və üzünü Vensə tutdu:
– Morsun işini mümkün qədər tez bitirmək istəyirəm. Bazar günü Nyu-Yorka qayıdıram. «Metropoliten»ə biletim var!
– Başa düşürəm, – cavan oğlan şefin ardınca qonaq otağına tərəf getdi.
Edvard Lyüis qonaq otağına keçmədən vestibüldə ayaq saxlayıb başı ilə Venslə sağollaşdı. Yalnız bundan sonra oğlan özünə gəldi.
Edvardın daha məclisdə qalmaq fikri yox idi, otelə qayıtmağa qərar vermişdi.
Qapıçı onun qabağına yüyürdü.
– Sizin plaşınız, ser.
– Çox sağ olun, – Edvard açıq-boz rəngli gen biçimli plaşını alıb qapıçıya minnətdarlıq etdi, çıxışa üz tutanda arxadan kiminsə onu səslədiyini eşitdi. Süzan Brayson qonaq otağından ona tərəf gəlirdi. Edvardın üzü güldü.
– Xoş gördük, Süzi, – o, qızı gördüyünə sevindi və onun yanaqlarından öpdü.
Süzan kədərlə dedi:
– Başın sağ olsun, Karter haqqında eşitdim, təəssüf edirəm…
– Mən də, – Edvard quru cavab verdi. Bir neçə həftə əvvəl dünyasını dəyişmiş Karter onun atası idi. Edvard mövzunu dəyişmək üçün soruşdu:
– De görüm, doğrudan, ərə getmisən?
Qız güldü və sol əlində parıldayan nişan üzüyünü göstərdi:
– Hə, ərə getmişəm. Əsrin sonunadək səni gözləyə bilməzdim ki…
– Hm, – Edvard nə deyəcəyini bilmədi, telefonda Cessika ilə bayaqkı söhbəti yadına düşdü və hələ də beynini məşğul edən sualı Süzana vermək qərarına gəldi:
– Süzan, səndən soruşmaq istəyirdim…
– Nəyi? – qız maraqla onu süzdü.
– Biz görüşdüyümüz zamanlarda sən kiminlə daha çox danışırdın: mənimlə, yoxsa mənim katibəmlə?
Süzan mənalı-mənalı güldü:
– O mənim toyumda gəlinin rəfiqəsi idi.
– Hətta belə? – Edvard təəccübləndi. O, qızın dediyinin məğzini tutmuşdu. Ötəri tanışı toyda gəlinin rəfiqəsi seçməzlər. Deməli, onların eşq macərası davam edən vaxt ərzində Süzanla Edvardın katibəsi dostlaşıblarmış. Buradan da belə nəticə çıxır ki, Edvard daim məşğul olduğu üçün qadınlar telefonla öz aralarında daha çox danışırlarmış…
Edvard yüngül vicdan əzabı keçirdiyini hiss etdi və Süzana tərəf əyilib onun yanağından öpdü:
– Hər necə olubsa, daha keçib, amma sənin ərinə paxıllığım tutur. Xoşbəxt ol!
– Çox sağ ol. Sən də xoşbəxt ol, Edvard! – Süzan səmimiyyətlə cavab verdi.
Edvardın getməyə hazırlaşdığı Filipin arvadı Elizabetin gözündən yayınmadı. O, ərini axtarmağa başladı. Filipi qonaqların arasında tapmayanda isə belə məntiqi nəticəyə gəldi ki, ərini xəlvəti bir otaqda, özü də tək yox, hansısa suyuşirin qadınla birgə yaxalaya bilər.
Elizabet haqlı idi: Filip arxa otaqlardan birində kürən saçları parıldayan gözəl xanımın yanında oturmuşdu, qadının qara corabının üstündən yumru dizini sığallayırdı. Amma Elizabet buna görə ərinə nəsə acı bir söz deməyi lazım bilmədi.
Staki cütlüyünün arasında heç vaxt dilə gətirilməyən razılaşma var idi: Fil nəhəng pullar qazanırdı, Elizabetin istədiyi kimi yaşamasına imkan verirdi, o da halalca ərinin aradabir kənarda başqa qadınlarla əylənməsinə göz yumurdu.
Elizabet yaxşı bilirdi ki, boşanmış qadınların Hollivudda dəyəri yoxdur: onları kimsə saymır, böyük ziyafətlərə və məclislərə dəvət etmir. Bir sözlə, onlar cəmiyyətdə heç bir rol oynamırlar.
Buna görə də Elizabet ərinin kredit kartlarından istifadə imkanının qarşılığında Filin kiçik xətalarını görməzliyə vururdu. Əvəzində Elizabetin gündəliyi dəvət edildiyi ziyafətlər barədə qeydlərlə həmişə dolu olurdu və o da öz dəvətlərinə heç vaxt kimsədən imtina cavabı almırdı. Beləcə, Elizabet həm Hollivudda, həm də Beverli Hillzdə hörmətli şəxs sayılan missis Staki olaraq qalmağa üstünlük verirdi.
Təbii ki, Elizabet fəxri qonağın məclisi belə erkən tərk etməsini öz şəxsi məğlubiyyəti kimi qiymətləndirirdi. Buna görə də ərinin kürən saçlı qadınla intim münasibətlərinə müdaxilə edərkən xeyli həyəcanlı idi. Qadının soyadı Elizabetin yadında deyildi, adı isə, deyəsən, Ellison idi.
– O gedir! – deyə Elizabet qışqırdı. – Edvard gedir!
Cəmi bir dəqiqə əvvəl Fil ehtiraslı nitqləri ilə Ellisonu onunla daha yaxından tanış olmağa razı sala bilmişdi. O, qınayıcı nəzərlərlə arvadına baxdı, amma otağı təcili tərk etməli olduğunu anlayıb Ellisondan üzr istədi və tələsik ayağa qalxdı. Hərçənd belə bir şəraitdə iki qadını otaqda təkbətək qoymaq heç münasib deyildi. Qaşlarını düyünləyib əllərini belinə dayamış Elizabetin Ellisonu başdan-ayağa necə süzdüyü Filipin diqqətindən yayınmamışdı. «Aman Tanrım, Elizabet qısqanclıqdan həngamə qoparmaz ki?» Ancaq Staki bu ani fikri tez beynindən çıxardı: indi münasibətləri ayırd etməyin vaxtı deyildi. Üstəlik, o bilirdi ki, arvadı belə məsələlərə görə qalmaqal salmağa adət etməyib.
Eyni vaxtda Edvard Lyüis öz maşınına çatmağa çalışırdı. Oteldə onun ixtiyarına sürücüsü ilə birlikdə gümüşü metal rəngli limuzin vermişdilər. İndi həmin limuzin Stakinin villasının qarşısındakı digər avtomobillərin arasında sıxılıb qalmışdı. Onun yerindən tərpənməsi mümkün deyildi. Burdakı maşınlardan təkcə biri, eynilə gümüşü rəngli «Lotus-Esprit» idman avtomobili duracaqdan maneəsiz çıxa bilərdi.
Edvard maşın sahiblərinin açar saxladıqları qutunun böyründə iki yapon xidmətçini gördü. O, «Lotus»u göstərib soruşdu:
– Mister Stakinin maşınıdır?
Xidmətçilər çaşdılar, əvvəl baxışdılar, sonra eyni vaxtda başlarını tərpətdilər. Onlardan biri nəzakətlə cavab verdi:
– Bəli, ser, mister Stakinin maşınıdır.
Edvard «Lotus»a yaxınlaşanda arxadan Filin səsini eşitdi. Vəkil tövşüyə-tövşüyə çıxış zolağı ilə qaçır və nəsə qışqırırdı:
– Sən hara? Nədir, gedirsən?
Edvard etiraz qəbul etməyən tərzdə əlini vəkilə uzatdı:
– Zəhmət olmasa, maşınının açarını ver.
– Nə üçün? – Fil heyrətini gizlətmədi. – Səninkinə nəsə olub?
– Heç nə olmayıb, sadəcə, onu araya alıblar. Derril çıxa bilmir, – deyə Edvard yaxınlıqda divara söykənib həmkarlarından biri ilə söhbət edən qırmızıdərili sürücüsünü göstərdi. Sürücü Edvardla Filipin ona baxdıqlarını görüncə təəssüflə çiyinlərini çəkdi.
– Zəhmət olmasa, açarları ver, – Edvard xahişini təkrar etdi.
Stakinin etiraz cəhdi uğursuz oldu.
– Al, – deyə o, Edvardı dilə tuta biləcəyinə ümid yeri qalmadığı üçün açarları verdi. – Amma yaxşı olar ki, maşını özün sürməyəsən, iş səni çox yorub. Bəlkə, heç mənim maşınımda işin olmasın? Yaxşısı budur, deyim, səni gətirən maşın üçün yolu açsınlar.
– Haydı, tez yolu açın! – deyə o, yerində donub-qalmış yapon xidmətçilərin üstünə qışqırdı. – Bu avaraları görüm lənətə gəlsinlər.
Edvardın artıq «Lotus»un sükanı arxasına keçdiyini görən Filip özünü maşının üstünə atdı:
– Dayan, Edvard, xahiş edirəm! Sən, heç olmasa, sürəti dəyişməyi bacarırsan?
Edvard motoru işə saldı.
– Niyə bacarmıram?
– Bunda avtomat sürət qutusu deyil, adi mexanikadır! Sən axı, deyəsən, heç belə maşın sürməmisən, – Filip sakitləşmək bilmirdi. Edvard onun canfəşanlığını görüb qımışdı:
– Birtəhər baş açaram.
– Ehtiyatlı ol, yalvarıram! Maşın təptəzədir.
Edvard sürətlər qutusunun dəstəyindən yapışıb yana çəkəndə xırçıltı səsi eşidildi. Filipi az qaldı ki, iflic vursun.
– Tanrı xatirinə, durrr… Sən qalsan, yaxşı olar… – o, əllərini sinəsində çarpazlayıb yalvardı.
Edvard zəhləsini tökən milçəyi qovurmuş kimi əlini yellədi:
– Hər şey yaxşı olacaq, narahat olma.
Güclü motor nərildədi və maşın yerindən qopdu. Darvazaya çatanda «Lotus» dayandı. Filip Staki maşına tərəf yüyürdü.
– Araban xoşuma gəlir! – Edvard pəncərədən qışqırdı.
– Mənim də! Bax ha, ehtiyatlı ol! Axı sən onun dilini bilmirsən…
Sürətlər qutusunun içindəki çarx bir də vəhşicəsinə dişlərini xırçıldadanda Filip başını tutdu və qışqırdı:
– Sən qaranlıqda azacaqsan!
Maşının təkərləri vıyıldadı. O, yola çıxdı və… doğrudan da, Edvardın qaldığı mehmanxanaya əks istiqamətdə şütüdü.
– Ora yox! Beverli Hillz yamacdadır!..
Amma Edvard artıq Filipi eşitmirdi. «Lotus» nərildəyə-nərildəyə dolanbac dar küçə ilə uçurdu.
Edvard Lyüis həqiqətən mexaniki sürətlər qutulu avtomobilə alışmamışdı. Ümumiyyətlə, o, maşını yaxşı idarə edə bilmirdi, buna görə də, adətən, şəxsi sürücüsünün, reaktiv təyyarəsinə minməli olanda isə pilotunun xidmətindən istifadə edirdi. Təəccüblü deyildi ki, o, bir neçə dəfə döngəni həddən artıq yüksək sürətlə buruldu, əyləci basanda az qaldı ki, motoru söndürsün. Bir yerdə isə «Lotus» elə sıçradı ki, o, Edvard şosedən çıxıb maşını saxladı.
– Lənətə gəlmiş öküz arabası! – deyə o, yenidən şoseyə qayıtmaq üçün maşını arxaya verdi və nisbətən aşağı sürətlə yoluna davam etdi.
Hava tamam qaralmışdı, Edvard isə yanlış istiqamətə getdiyinin fərqinə varmırdı.

II fəsil
Vivyen Uordun çarpayının yanına qoyduğu zəngli saatı axşam səkkizin yarısında cingildədi. Dərin yuxudan oyanan qız gərnəşdi, şirin-şirin əsnədi və gözlərini açmadan əlhavasına saatın səsini kəsdi.
Beləcə, gözüyumulu bir-iki dəqiqə uzanandan sonra Vivyen qalxıb yatağında əyləşdi, ayaqlarını döşəməyə salladı və hətta yatanda da çıxarmadığı parikinin kəkilini düzəltdi. O, Kit de Luka adlı rəfiqəsi ilə birgə yaşadığı tör-töküntülü mənzilini süzdü.
Vivyenin paltarlarının bir hissəsi döşəmədə, bir hissəsi üzlüyü sürtülmüş kreslonun üstündə atılıb qalmışdı.
Çarpayının baş tərəfində onun köhnə dostlarının və tanışlarının tələsik çəkilmiş, sonra da sifətləri səliqə ilə kəsilmiş fotoşəkillərinin yapışdırıldığı divar qəzetinə oxşayan bir şey asılmışdı.
Pəncərədən şəhərin hay-küyü eşidilirdi. Maşınların siqnalları ulaşır, hansısa xala cır səslə çığırırdı. Sonra sürətlə uzaqlaşan polis maşınının sirenası eşidildi.
Vivyenlə Kitin otaq kirələdiyi mehmanxana Hollivud bulvarının yan küçələrindən birində idi. Onun iki addımlığında isə məşhur «Uolk of Feym» mehmanxanası yerləşirdi. «Uolk of Feym»in qarşısındakı səkidə dünyaca məşhur adamların ulduzlarla haşiyələnmiş adları yazılmışdı. Bu küçə hər gün Hollivuda turist axını cəlb edən tələlərdən biri idi.
Bulvarın Vivyen yaşayan tərəfində diqqət çəkən başqa heç nə yox idi. Burada ucuz bar və restoranlar, varyete və porno-kinoteatrlar bir-birini əvəzləyirdi. Küçənin asfalt örtüyünə ulduz haşiyədə məşhurların adları döşənmiş hissəsi müştəri ovuna çıxan fahişələrin sevimli yeri idi.
Küçə və restoranlarda narkotik satanlar, qadın alverçiləri və qeyri-leqal mühacirlər, hər növ xırda fırıldaqçılar və avaralar, eləcə də bütün rəngarəngliyi ilə bulvarda təmsil olunmuş əyləncə industriyasının saysız-hesabsız zəhmətkeşləri qaynaşırdılar. Səsgücləndiricilərdən ətrafa rok və blüz sədaları yayılır, yeniyetmələr dəstə ilə səkilərdə gəzişir, yoldan ötənlərin arasından sivişə-sivişə skeytbord[1 - Skeytbord (ing. skateboard) – diyircəkli lövhə] sürür, küçə gözəlçələri maşınların pəncərələrindən içəri boylanıb kişiləri yoldan çıxardırdılar:
– Ey, dost, bir az əylənmək istəmirsən?
– Bu gün təksən? Gözəl qız səni darıxmağa qoymaz. Bax gör, pis deyiləm, hə?
Vivyen vanna qəbul edib geyinməyə başladı. Əvvəl qara, tor alt tumanını və büstqalterini, kapron corablarını geyindi, sonra çiyinlərini və qarnını açıqda qoyan, öndən və arxadan iki metal halqa ilə birləşdirilmiş iki parça tikəsindən ibarət dar köynəyini, nəhayət, yalnız rəmzi olaraq ətək adlandırıla bilən üçüncü parça tikəsini əyninə keçirdi.
Vivyen boy-buxunlu, gerçəkdən gözəl idi: onun uzun qıçları, iri və ifadəli gözləri, yumşaq cizgili dodaqları vardı. Cazibədar sifətinin və incə qollarının dərisi gündən yüngülcə yanmışdı.
Qız üz-gözünə boya yaxmaq üçün güzgünün qabağına keçdi. Kontur qələminin və mavi kölgənin köməyi ilə gözlərini daha da ifadəli etdi. Dodaqlarını al-qırmızı rəngə boyadı.
Sonra budlarına qədər qalxan hündürdaban uzunboğazlarını geyindi. Çəkmələrin zəncirbəndlərinin dilləri çoxdan qopmuşdu, Vivyen uzunboğazları bağlamaq üçün sancaqdan istifadə edirdi. Onun libasını ucuz bər-bəzək tamamladı: klipslər, hər addımda yüngülcə cingildəyən bilərziklər.
O, dimdikli kepkasını başına basıb qırmızı jaketini çiyninə atdı, çantasını götürdü və qapıya tərəf getdi.
Qız nömrədən çıxarkən aşağıdan səs eşitdi. Vivyen dayandı, pilləkəndə çöməlib nəfəsini qısdı və aşağıda baş verənləri izləməyə başladı.
Miskin mehmanxananın sahibi yamaykalı mühaciri qapının ağzında yaxalamışdı:
– Bir dur, dur! Mən görürəm ki, sənə deyiləni anlamadın. Mən ayın axırında pulu yığıram. Pulunu ver, yoxsa səni burdan rədd elərəm!
Vivyen sakitcə qalxdı və barmaqlarının ucunda nömrəyə qayıtdı. Vanna otağında su çəlləyinin qapağını qaldırdı və pul saxladığı plastik sabunqabını çıxardı. Amma sabunqabıda cəmi bir dollar vardı.
Boşalmış sabunqabıya heyrətlə baxan Vivyen onun qapağını örtüb yerinə qoydu. O, sakinlərdən pul yığan zəhlətökən mehmanxana sahibi ilə qarşılaşmadan otaqdan necə çıxacağını təsəvvür etmirdi. Birdən ağlına fikir gəldi. Vivyen otağının pəncərəsini açdı və yanğın nərdivanının metal məhəccərli dar meydançasına hoppandı. Bu, riskli iş olsa da, başqa çıxış yolu yox idi. Həm də qız öz qüvvəsinə inanırdı. O, ətrafa boylandı və sürətlə aşağı enməyə başladı.
Küçədən keçən cütlük pişik çevikliyi ilə nərdivanla enən Vivyeni görmədi. Üçüncü mərtəbənin pəncərəsindən qaraşın bir qadın boylandı, Vivyeni görəndə gözlərini bərəltsə də, ağzını açmadı.
Nərdivan yerdən kifayət qədər hündürdə qurtarırdı. Vivyen çantasını yerə atıb aşağı tullandı.
– Hər şey qaydasındadır! – deyə o, çantasını yerdən götürüb mehmanxananın həyətini küçədən ayıran məhəccərin altından keçdi.
Vivyen yoldan ötənlərə qarışdı və bulvaradək getdi.
Yolayrıcında ala-bəzək toxunma papaqlı, sürtülmüş qəhvəyi pencəkli gənc bir zənci avtobusdan enən turistləri salamlayırdı. O, sözlərini əl-qol hərəkətləri ilə müşayiət edirdi:
– Hollivuda xoş gəlmisiniz! Xoş gəlmisiniz! – gənc qışqırırdı. – Bura gələn hər kəsin öz arzusu var! Sizin arzunuzu bilmək olarmı? Bəs sizinkini? Ey, mister, sizin hansı arzunuz var?
Vivyen bu zəncini tez-tez görürdü. Düzdür, hər gün bulvarda dolaşan, qarşısına çıxan hər kəsi söhbətə tutmağa çalışan zəncinin adını buralarda bilən yox idi. Bu oğlan dinc və daim şən görünürdü, hamıdan hansı arzunun ardınca Hollivuda gəldiyini soruşurdu.
Vivyen işıqforun yaşıl işığını gözləyib iti addımlarla küçəni keçdi. Bir oğlan artıq nəşədən hallandıqları hiss olunan iki yeniyetmə qızın böyründə skeytbordunu saxladı. Bu səhnə Vivyenin gözündən yayınmadı.
– Qızlar, əntiqə mal var! İstəyirsiniz? – deyə müştərini hiss edən oğlan qızları yanladı.
Balaca zərf və üç-dörd dollarlıq əsginas dəyişdirildi. Oğlan qızlara vaxtlarını xoş keçirməyi arzulayıb yerindən götürüldü.
İbarə ilə danışan zənci turistlərin ardınca düşmüşdü. Ensiz fasadlı evin qarşısında nəsə olmuşdu. Adətən, çəkməsilənin əyləşdiyi tində «təcili yardım» və polis maşınları dayanmışdı, uniformalı bir neçə nəfər cansız bədəni dövrəyə almışdı. Tamaşaya yığışanların sayı artırdı.
Bir qadın soruşdu:
– Nə olub?
– Heç, fahişə gəbərib, – kimsə cavab verdi.
Polislərdən biri zəncinin çiynindən yapışıb onu saxladı:
– Müfəttiş Elbertson, – deyə polis özünü təqdim etdi və saymazyana soruşdu:
– Ölən barədə nə deyə bilərsən?
Vivyen həmin anda tinə yetişdi və cavabı eşitdi:
– Mən heç nə bilmirəm, ser, – zənci şübhəli adam kimi dartınır, əl-qol atırdı. – And içə bilərəm. Düz sözümdür, bu qızı tanımıram.
– Bəsdir nağıl danışdın! Biz onu həyətdə, zibil yeşiyində tapdıq. O nə işin sahibi idi?
– Toz üçün işləyirdi. Halı lap pis idi. Kokain üçün işləyirdi. Gecə-gündüz küçədən yığılmırdı, özünü lap ucuz satırdı.
– Bəs sən neyləyirsən? – müfəttiş soruşdu.
Zənci əllərini qaldırdı:
– Mən təmizəm, ser! And içirəm!
– Sən dedin, mən də inandım! – asayiş keşikçisi burnunu çəkdi. Müfəttiş zənciyə bir-iki sual da verməyə hazırlaşırdı ki, tində toplaşanlardan iki nəfər onun diqqətini çəkdi. Polis qışqırdı:
– Ey, siz! Neyləyirsiniz orda?
O, meyitin üzərinə əyilmiş qadınla kişiyə yaxınlaşdı. Qadın dayanmadan fotoaparatını şaqqıldadırdı. Müfəttiş gözünü onlara dikdi:
– Mətbuatdansınız?
Bir anlığa əl saxlayan qadın geri döndü:
– Mətbuatdan deyilik. Orlandodan gəlmişik.
Müfəttiş hirslə həmkarına – ikinci polisə tərəf döndü:
– Ağlagələn iş deyil! Bu turistləri gördün? Meyitin şəklini çəkirlər, görünməmiş şey tapıblar!
İkinci polis sensasiya həvəskarlarını kənara sıxışdırdı. Vivyen isə bu yerdən uzaqlaşmağa tələsdi. Ölən qızı tanıyırdı. Qarşılaşdığı mənzərədən tükləri biz-biz olmuşdu. Tindən təzəcə aralanmışdı ki, meyitin «təcili yardım» maşınına qoyulub aparıldığını gördü.
Vivyen addımlarını sürətləndirdi, küçənin qarşı tərəfinə keçdi və giriş qapısının üstündə neon hərflərlə «Mavi banan klubu» sözləri yazılmış bara daxil oldu. Qapının yanında mopedlər düzülmüşdü, pəncərələrdən gur musiqi səsi gəlirdi. Hiss olunurdu ki, gecə həyatı başlayır.
Ağzına kimi dolu salonu tüstü bürümüşdü, elə bil tülkü boğurdular. Bar Vivyeni səslərin kakofoniyası, sınan şüşənin cingiltisi, şaqqanaqla qarşıladı. Səsgücləndiricilərdən tanış mahnının sədaları yayılırdı:
Bu sərsəm dünyada
Sənə aşiq olmağım
Heç qəribə deyilmiş…
Bir neçə nəfər ortalıqda rəqs edirdi, qalanlar bütün salonboyu uzanan piştaxtaya yapışmışdılar. Vivyen adamları yara-yara özünü yaşlı barmenə yetirdi.
– Xoş gördük, Pope! Təsadüfən bilmirsən, Kit hardadır?
Qoca başı ilə pilləkənə işarə etdi:
– Yuxarıda, bilyard salonunda. Dostları da yanında.
Vivyenin mənzil yoldaşı Kit de Luka masanın arxasında tək deyildi. Kit düzgün biçimli, balaca uşaq kimi hamar üzlü, miniatür və qəşəng qız idi. Vivyen salona qalxanda o, tünd-şabalıdı rəngli gur saçlarını darayırdı. Rəfiqəsinin yaxınlaşdığını görüncə qız qara eynəyini çıxardı.
– Viv! – Kit sevincək ciyildədi. – Xoş gördük, gözəlçə…
Vivyen birbaşa mətləbə keçdi:
– Pul hanı? – deyə o, mənzil yoldaşının sözünü kəsdi. Kit sanki sualı eşitmədi, əl-qol ata-ata yanında oturmuş kişiyə tərəf döndü:
– Karlos, sən Vivyenlə tanışsan…
Sonra o, yanlarında oturmuş yeniyetməni göstərdi. Vivyen bayaq küçədə skeytbord sürən oğlanı tanıdı. Masa arxasında əyləşmiş dördüncü adam isə onlarla eyni peşənin sahibi başqa bir qız idi. Vivyen bu qızı da tanıyırdı.
– Bu da Enceldi, – deyə Kit həmkarını təqdim etdi və yenə nəsə demək istədi, amma Vivyenə baxan kimi xırp səsini kəsdi.
Vivyen hirsindən özündə deyildi.
– Biz tanışıq! Sən de görüm, pulu neyləmisən?
– Karlos azca toz tapmışdı mənimçün, biz də balaca məclis qurduq, – Kit lağlağıya saldı. – Görürsən də, qonaqlarım var…
– Sən bizim pulumuzu bu nəcisə vermisən? – Vivyen dəhşətlə Kitə baxdı. – Ağlın çaşıb sənin!
O, Kiti qamarlayıb masadan qaldırdı və silkələdi. Əllərini qızın yaxasından çəkəndə isə Kit müvazinətini saxlaya bilməyib döşəməyə sərildi və günahkar nəzərlərlə rəfiqəsinə baxdı:
– Başa düş, Viv, mənə təcili doza lazım idi…
– Sənə doza lazım idi, hə də… – Vivyenin sinəsi enib-qalxırdı. – Bəs mənzilin pulunu kim verəcək?
Karlos ayağa qalxıb qızların arasına keçdi.
– Yaxşı, sakit ol, gözəlçə, – o, yumşaq, riyakar səslə dedi.
Karlos əyninə qara köynək, dar şalvar geymiş, başına şlyapa qoymuşdu. İspanlara oxşayan bu yaraşıqlı gənc titrəyən əli ilə ondan yapışan Kiti itələdi, başını bulayıb əlavə etdi:
– O, hələ iki yüz də verməlidir…
– Eeee… Karlos, – Kitin dili ağzında dolaşdı.
Vivyen qəzəblə ona baxdı:
– Hələ iki yüz də?..
– Aha… mən əvvəllər də ondan toz almışdım… – Kit təsdiqlədi.
– Düz deyir. O mənə iki dənə yüzlük borcludur, – Karlos bunu deyib həyasızcasına Vivyeni süzdü. – Yox, əgər sən onun borcunu qaytarmaq istəyirsənsə, razılaşa bilərik.
Vivyenin dodaqlarının necə əyildiyini görən Kit işə qarışmağa tələsdi:
– Yox, yox, təklifinə görə sağ ol, Karlos, biz hələ o yerə gəlib çatmamışıq.
Kit ayağa qalxdı və rəfiqəsinin əlindən dartdı:
– Getdik, balaca, çıxaq burdan. Aşağı düşək.
Amma Vivyen elə bil yerə mıxlanmışdı:
– Sənin borclarını işləyib vermək?.. Başın xarabdı? Siz özünüzü nə hesab edirsiniz?!
Bayaqdan bəri səsini çıxarmadan olanlara qulaq asan Encel birdən hırıldadı. Nəhayət, Kit rəfiqəsini sürüyüb pilləkənin başına qədər apara bilmişdi.
– Sən onda nə görmüsən, Karlos? – deyə Encel qadın alverçisindən, yeri gəlmişkən, həm də keçmiş oynaşından soruşdu.
Karlos baxışları ilə Vivyeni xeyli ötürəndən sonra cavab vermək əvəzinə fınxırdı.
Vivyen isə heç cür sakitləşmək bilmirdi. O, yenidən Kitin üstünə düşdü:
– Mən yatanda pulu çırpışdırmısan? Elə olub, hə?
Kit çiyinlərini çəkdi:
– Sən yox idin. Səndən soruşa bilmədim.
Birinci mərtəbəyə enən kimi Kit bara tərəf getdi.
– Ey, hara? Bəlkə, bəsindi? Çıxaq burdan, – deyə Vivyen onun arxasınca qışqırdı.
Kit başını buladı:
– Mən nəsə yeməliyəm. Həm də unutma ki, o mənzil mənimkidir.
Kit rəfiqəsindən incimirdi, bununla belə, Vivyenə göstərmək istəyirdi ki, onu idarə etməsinə imkan verməyəcək. Kit barın piştaxtasına qoyulmuş boşqabdan üç-dörd şəkərli meyvə götürüb onları salfet kağızının üstünə qoydu.
– Sənsə yaddan çıxarma ki, mən də orada yaşayıram, – Vivyen əsəbi halda cavab verdi.
– Sən bura qara qəpiksiz gəlmişdin. Mənimsə mənzilim, pulum vardı. Sənə babat iş tapdım. Amma neyləyim ki, bu Karlos məni sıxışdırır. Ağzına nəsə atmalı oldum. Tanrı xatirinə, məndən əl çək. Ədalətsizlikdir bu!
Barmen Pope şəkərli meyvələrin bir-birinin ardınca Kitin ağzında necə yoxa çıxdığını qaşqabaqla seyr edirdi. Nəhayət, barmen dözməyib donquldandı:
– Bizdə özünəxidmət deyil.
– Mən səndən əl çəkim? – Vivyen öcəşdi. – Kit, mən indicə ölmüş bir qızın zibil yeşiyindən necə çıxarıldığını gördüm! – O bunu deyib piştaxtanın qarşısındakı kətilə əyləşdi.
Kit söhbəti bitmiş hesab edib getməyə hazırlaşırdı, amma Vivyenin son sözlərini eşidəndə ayaq saxladı, rəfiqəsinə tərəf döndü:
– Bilirəm. Sısqa Meriydi. Onun axırı gəlmişdi. Yediyi də, içdiyi də kokain idi. Bir vaxtlar Dominik çalışdı ki, ona tərgitdirsin, amma bacarmadı!
Piştaxtanın o biri başında hay-küy qopdu – kimlərsə nəyisə bölə bilmirdilər. Kitlə Vivyen bir qədər mübahisəni izlədilər. Az sonra Vivyen yenidən üzünü rəfiqəsinə tutdu:
– Sən bilirsən ki, mən buradan canımı qurtarmaq istəyirəm? – o, sarsıldığını gizlətmirdi. – Sənin heç belə bir istəyin olur?
– Canını qurtarmaq? – Kitin gözləri bərəldi. – Canımızı qurtaranda hara gedəcəyik? Bəlkə, deyəsən? – O, ümidsizliklə əlini yellədi: – Yox e, mümkün deyil.
Doğrudan da, Hollivud bulvarında bədənini satan qızlar öz həyatlarını necə dəyişə bilərdilər?
Onlar küçəyə çıxdılar və bulvardakı daimi «ov» yerlərinə doğru getdilər.
Bulvarda istənilən qədər fahişə var idi, amma gözəlçələrdən hər biri küçənin yalnız özünə aid hissəsində «işləməli», başqasının «ərazisinə» girməməliydi.
Rəfiqələr hələ uzaqdan görmüşdülər ki, onların yeri tutulub. Yayxanaraq ağaca söykənmiş qızı da tanıyırdılar.
Kit hirsli-hirsli «işğalçı»nın üstünə yüyürdü.
– Ey, Reyçel!
Ağ-qara damalı paltarı əndamına kip oturmuş kürənsaçlı fahişə ağacdan həvəssiz aralandı.
– Nədi? Nədənsə narazısınız?
– Aha, düz bilmisən, narazıyıq! – Kit başını tərpətdi. – Sən səkidəki bu ulduzları görürsən? Yoxsa gözlərində problem var?
Reyçel cavab verdi:
– Hə, görürəm.
– Görürsənsə, lap əla! – Kit barmağı ilə dünya məşhurlarının adları həkk olunmuş ulduzlu haşiyələri göstərdi: – Bob Houpdan Rits qardaşlarına, Fred Asterədək, sonra da Ella Fitsceraldadək Vivyenlə bizim ərazimizdir, biz buranı tutmuşuq. Odur ki itil öz küncünə!
– Ah, bağışlayın, – deyə Reyçel saxta nəzakətlə mızıldandı. – Mən heç də burada qışlamağa hazırlaşmırdım.
O, Vivyenə çəpəki nəzər salıb əlavə etdi:
– Yeri gəlmişkən, bu, hələ təzədir…
– Nə olsun? Mən ki köhnəyəm! – Kit balasından ötrü narahat olan dişi pələng kimi hədə dolu nəzərlərlə Reyçelə baxdı və bununla onun gətirdiyi dəlili puça çıxardı. – Qışlamaq üçünsə Ester Uilsonun ulduzunu seç!
Vivyen onun səhvini düzəltdi:
– Ester Uillyams…
– Ester Uillyams, – Kit təkrarladı. – Sənin yerin oradır!
– Yaxşı, özündən çıxma, – Reyçel əzilib-büzüldü. – Sən elə naqqal, elə çərənçi olmusan ki, adam üzünə baxa bilmir! – Qız bunu deyib arxasını onlara çevirdi, ombalarını yellədə-yellədə hündürdabanlarını taqqıldatdı və məğrur yerişlə uzaqlaşdı.
Kit heyrətlə onun dalınca baxdı, qaşlarını çatdı və Vivyendən soruşdu:
– Yəni mən doğrudan çərənçiyəm?
– Doğrudan, – Vivyen cavab verdi, amma rəfiqəsinin pərt olduğunu görüb gülümsədi: – Hərdən…
Kit köksünü ötürdü:
– Ona görə ki mən həmişə acam. Təcili yemək lazımdır. Deyirlər, çərənçilik aclıqdan olur!
Kit susdu, səkinin qırağı ilə yavaş-yavaş gedən maşından bir kişi ona fit çaldı.
– Ey, bacıcan!
Kit maşına yaxınlaşdı:
– Nədi, əzizim? Nəsə lazımdı? – o, fit çalan kişinin yanında daha iki nəfərin olduğunu gördü: bu adamlardan biri maşın sürürdü, digəri arxa oturacaqda əyləşmişdi.
– Gedək, balaca. Mənim ad günümdür. Bu münasibətlə gecə mənimlə havayı yatacaqsan! – deyə sürücünün yanında oturmuş kişi qışqırdı.
– Başın xarab olub, atacan? – Kit irişdi və geri – Vivyenin yanına qayıtdı.
Vivyen kepkasını çıxarıb parikini qaydaya salmağa çalışır, hamar sarı saçlarını sığallayırdı:
– Bu gün buralar dəlixanadır.
– Məncə də elədir, – Kit başını tərpətdi. – Bura bax, bəlkə, biz qadın alverçiləri ilə iş quraq? Karlosun səndən xoşu gəldi.
– Yox bir! O da dərimizə saman təpsin? Qazancımız daha da azalacaq.
– Yenə də sən haqlısan, – Kit burnunu çəkdi və rəfiqələrin azadlığa münasibətini ifadə edən şüarı xatırladı:
– Kiminlə, nə vaxt, neçəyə getməyə özümüz qərar veririk!
Fənər dirəyinə söykənmiş Kit yoldan ötən maşınları baxışları ilə müşayiət edirdi.
Vivyen bir qədər susduqdan sonra soruşdu:
– Necə bilirsən, kənardan həddən artıq abırlı görünmürəm ki?
– Heç də yox. Əntiqə görkəmin var! – deyə Kit rəfiqəsinin parikini düzəltdi. – Erkəklər sənin kimisindən ötrü sinov gedirlər!
Kit ətrafa boylandı. Yaxınlıqda motorun qulaqbatıran nəriltisi və təkərlərin vıyıltısı eşidildi.
– Axmaq! Bu cür maşını sökür!.. Bu ki…
Kit tullana-tullana Haylənd avenyudan Hollivud bulvarına dönən gümüşü «Lotus-Esprit»i görəndə hətta fit çaldı.
– Tələs! – o, Vivyeni qabağa itələdi. – Bax, beləsini məngirləməlisən!
– Dayan, itələmə, – Vivyen çəkinə-çəkinə idman avtomobilini nəzərdən keçirdi və Kitə dedi. – Bu, deyəsən, «Lotus-Esprit»dir axı…
– Bu bizim kirayə pulumuzdur! – Kit hücuma keçdi.
Maşın yaxınlaşdıqca sürətini azaldırdı, nəhayət, o dayandı. Kit «Lotus-Esprit»i gözləri ilə yeyirdi.
– Get, get! – qız tərəddüd keçirən rəfiqəsini bir də itələdi. – Sən bu gün əntiqəsən. Səndən keçə bilməyəcək, hesab elə ki, yüzlük cibindədir! Qurtaran kimi zəng vur! Viv, özündən muğayat ol!
– Sən də! – Vivyen bunu deyib tələsik Kitin yanağını sığalladı, sonra gözəl qaməti və uzun ayaqları yaxşı görünsün deyə qırmızı jaketini soyundu və barmaqları ilə parikini darayıb «Lotus»a tərəf getdi.
Kit onun arxasınca əlini yellədi, qız coşmuşdu.
– İşlə, çalış, balaca! Onu yaxşıca qızışdır, pulunu qazan! Bacaracaqsan! Bircə oyunu korlama!

III fəsil
Edvard Lyüis «Lotus»un sükanı arxasında çaşıb-qalmışdı, Vivyenin ona yaxınlaşdığını görmədi. O gah cihaz lövhəsinə, gah sürət ötürücüsünün dəstəyinə baxırdı.
– Bəsdir, tərpən görək, tərslik eləmə! – deyə o donquldandı. – Birinci sürət, deyəsən, burdadır… Əgər yadımda düz qalıbsa…
Stakinin evinin yerləşdiyi Hollivud Hillzdən çıxandan bəri Edvard yolu tamam azmışdı. Hansısa möcüzə sayəsində Hollivudadək gəlib çıxmış, amma bulvarın sonundakı teatrın yanından sağa – Qərbi Hollivuda və Beverli Hillzə aparan yola yox, əks tərəfə dönmüşdü.
Trendi strit, Sanset bulvarı, Melroz avenyu – lövhələrdə yazılmış bu küçə adları ona heç nə demirdi. O harada olduğunu və mehmanxanaya necə gedəcəyini təsəvvür etmirdi.
Nəticədə «Lotus»un ciddi müqavimət göstərməyinə baxmayaraq Edvard son məqsədindən kifayət qədər uzaqlaşa bilmişdi. Amma çətinliklə hərəkət edirdi. Gah sürəti dəyişərkən ayırıcı pedalı basmağı unutduğu üçün mühərrik sönürdü, gah da qazın pedalını dibədək elə basırdı ki, xırıldayan motor qəfildən yüksək sürət yığırdı və maşın az qala raket kimi yerindən qopurdu.
Bura gəlib çıxmağı da təsadüf idi. Yolda mühərrik növbəti dəfə şıltaqlıq edəndə Edvard ətrafa boylanıb özünü sakit, zəif işıqlandırılmış, ağappaq evləri daş hasar və dəmir çəpərlə dövrələnmiş bir küçədə görmüşdü, həyəcanlanmağa başlamışdı. Səkidə isə evsiz olduğu aydın görünən bir səfil zibil qabını eşələyirdi.
Edvard əyləci basıb sürəti lap azaltmışdı, başını pəncərədən çıxarmışdı və səfilin öz axtarışlarının nəticəsindən narazı qaldığını eşitmişdi:
– Görürsən?! Daha zibildən başqa heç nə tullamırlar!
Edvard maşını saxlamışdı:
– Üzr istəyirəm…
Avara diksinib qəddini düzəltmişdi:
– Nə olub ki?
– Siz deməzsiniz, Beverli Hillzə necə getmək olar?
Səfil səndirləyə-səndirləyə yaxına gəlmişdi:
– Niyə demirəm? Siz elə oraya gəlmisiniz, cənab! Baxın, görürsünüz, sağ tərəfdəki Silvestr Stallonenin malikanəsidir.
Edvard nəzakətlə ona təşəkkür etmişdi. Səfil qonaqpərvərlik göstərmişdi:
– Biz tərəflərə xoş gəlmisən!
Aldığı məlumat Edvarda o qədər də etibarlı təsir bağışlamamışdı. Səfil, yəqin ki, sərxoş idi, ya da nəşə çəkmişdi, bəlkə də, həm içmişdi, həm də çəkmişdi. Hər halda, Edvard «Recent Beverli Uilşir» otelinə necə getməyi daha ondan soruşmamışdı, qanıqara vəziyyətdə gəldiyi yolla geri qayıtmağı lazım bilmişdi. Güman etmişdi ki, yol onu gec-tez şoseyə çıxaracaq, amma sonda yenə də özünü Hollivud bulvarında görmüşdü…
Bulvarda isə Edvard başını səsə qaldırıb maşının pəncərəsindən içəri boylanan Vivyeni gördü. Qızın qəşəng ağ dişləri parıldayırdı, o gülümsəyirdi.
– Axşamınız xeyir! Siz kimisə axtarırsınız? – qız süni soyuqqanlıqla soruşdu.
Bu sual varlı kişinin «Əlbəttə, səni!» cavabına hesablanmışdı. Amma kişi fərqli cavab verdi:
– Axtarıram. Beverli Hillzə gedən yolu. Siz yolu göstərə bilərsiniz?
Vivyen gülümsəməkdə davam edirdi. «Amma pis deyil ha… – deyə o, dəbdəbəli maşının sürücüsünə ürəyində qiymət verdi: – O dəqiqə görünür ki, pulludur». Qız dilləndi:
– Əlbəttə, göstərərəm. Bir beşliyə.
– Bu ki gülməlidir! – Edvard heyrətlə ona baxdı.
– Gülməlidir? Elədə siz onluq verərsiniz!
Edvard başını buladı:
– Hələ eşitməmişəm ki, kimsə yolu göstərdiyinə görə pul alsın.
– Almaq, ya almamaq – mənlikdir! – Vivyen maşının qapısına dirsəkləndi. – Amma yolu tanıyıram!
Qız sanki çıxıb gedəcəkmiş kimi dikəldi və bir addım geri çəkildi, yumru dalını Edvarda çevirdi. Dar ətəyə bürünmüş bu canalan vücudu görəndə Edvard müti halda çiyinlərini çəkdi.
– Yaxşı, mən razıyam, – deyib əlini pencəyinin cibinə saldı. Bir göz qırpımında geri dönən Vivyen təzədən başını «Lotus»un pəncərəsindən içəri saldı.
– İyirmiliyə xırdanız var? – Edvard ona əsginas uzatdı.
Vivyen pulu qamarlayıb bürmələdi və büstqalterinin içinə basdı:
– İyirmiliyə sizi qapıyadək ötürərəm. Ekran ulduzlarının harada yaşadığını da göstərərəm!
Onun bu sərbəstliyi Edvardı güldürdü:
– Çox sağ olun, Silvestr Stallonenin evini bu gün artıq görmüşəm.
– Əla, – Vivyen oturacağa tullandı. – Burdan düz, sonra da sağa…
Bu dəfə Edvard birinci sürətin yerini problemsiz tapa və mühərriki dərhal işə sala bildi, amma ayırıcı pedalı buraxmağa tələsdi. Maşın yerindən elə sıçradı ki, Vivyen oturacağa yapışdı.
– Faraları da işə salmaq pis olmazdı, – qız yarızarafat, yarıqorxu içində dilləndi.
Edvardın bəxti gətirdi: lazım olan düyməni tez tapdı, faralar açıldı və «Lotus» yola çıxdı. Yolayrıcında Edvard az qaldı ki, qırmızı işıqda keçsin, amma son məqamda əyləci basa bildi.
Vivyen rahat nəfəs aldı.
– O-oh… yaman maşındır! – deyə qız heyranlığını gizlətmədi.
– Amma həddən artıq… ehtiraslıdır, – Edvard ağzını əydi.
– Sizinkidi? – qızın bu sualına o, başını buladı.
– Bəlkə, qaçırmısınız?
– Tam qaçırtmaq da sayılmır, – Edvard güldü.
Onlar yaşıl işığın yanmasını gözləyincə Edvard qıza nəzər salıb soruşdu:
– Adınız nədi?
Qız nazlandı, gülümsədi:
– Siz bilən?
Edvard cavab vermədi. Qız dedi:
– Vivyen. Adım Vivyendi…
– Vivyen, – Edvard təkrarladı. Bu vaxt yaşıl işıq yandı və o, qazı basdı.
Vivyen soruşdu:
– Siz hansı mehmanxanada qalırsınız?
– «Recent Beverli Uilşir»də.
– Elədə baxın, o küncə qədər düz gedin, sonra sağa dönərsiniz.
Vivyen Edvardı yandan diqqətlə süzdü:
– Siz Kaliforniyadan deyilsiniz?
– Yox, – Edvard dedi, – Nyu-Yorkdanam.
O, ikinci sürətə keçdi və ayağını əyləcə basmadan Melroz avenyuya döndü.
– Va-uuu! Lap şeytan əməlidir! – Vivyen heyrətləndi. – Bu araba döngələri də elə bil rels üstündə dönür.
Edvard anlamadı:
– Bağışlayın… Siz necə dediniz?
– Adam dəli olar! – Vivyen ləzzətlə güldü. – Dəhşətdi! Özü də dörd silindrli dəhşət!
– Yəni siz demək istəyirsiz ki, avtomobildən başınız çıxır? – Edvard üçüncü sürətə keçdi. – Siz bütün bunları haradan bilirsiniz?
– Avtomobilçilər üçün jurnallardan. Bizim evdə oğlanlar yuxuda elə dəmir-dümür görərdilər: «Mustanq»lar, «Korvet»lər… Sınıq-salxaq bir araba alıb ondan konfet düzəldərdilər. Mən onların əlləşməyinə baxmaqdan ötrü ölürdüm.
Vivyen avtomobilin dəbdəbəli salonunu başdan-başa süzdü və təəccüblə Edvarda baxdı:
– Anlamıram, maşından necə baş çıxarmamaq olar!
– Düzünü deyim ki, mən ilk avtomobilimi sürücüsü ilə birlikdə hədiyyə almışam, – Edvard həqiqəti söylədi. – Bəs o hansı şəhər idi ki, oğlanlar yuxuda dəmir-dümür görərdilər? – Edvard zarafatla soruşdu.
– Millec Vill, Corciya ştatı, – qız cavab verdi.
Edvard növbəti sürətə keçməyə cəhd göstərdi.
– Sürətlər qutusu sizə atəşin salam göndərir! Axır ki, bacardınız, – Vivyen ağızdolusu güldü. – Siz sürətdən sürətə düzgün keçirmirsiniz. Bu, mexaniki ötürücü qutusuna malik standart komplektli maşındır axı!
– Standart komplektli? Fikirləşirsiniz ki, bunun nə demək olduğunu bilirəm? – Edvard sürətlər qutusunun dəstəyinə baxdı.
Qız uğunub gedirdi.
– Siz nə vaxtsa «Lotus» sürmüsünüz? – Edvard sanki adi velosipeddən söhbət gedirmiş kimi soruşdu.
– Yox.
– Onda sınamağın əsl məqamıdır.
Vivyen heyrətləndi:
– Zarafat edirsiniz?
– Ciddi sözümdür, – Edvard maşını saxladı. – Yoxsa mehmanxanaya çatanadək maşın sürmək barədə mühazirə dinləməli olacağam.
Vivyen arı sancmış adam kimi maşından sıçrayıb yerə düşdü və bir göz qırpımında sürücünün qapısının ağzını kəsdirdi. Edvard sükan arxasından qalxdı və onlar yerlərini dəyişdilər.
– Kəməri bağlayın! – səbirsizlikdən partlayan Vivyen dedi. – İndi bu arabanın nəyə qadir olduğunu sizə göstərəcəyəm! Hazırsınız?
Edvard təhlükəsizlik kəmərini bağladı:
– Hazıram.
Vivyen sükan arxasında yerini rahatlayıb arxanı göstərən güzgünü düzəltdi.
– Elə isə, irəli! – O, sürət ötürücüsü dəstəyinin yerini asanlıqla dəyişib qazı basdı. Maşın şose ilə şütüdü. Aldığı həzzdən Vivyenin gözləri parıldayırdı.
– Bu şeytan əməlinin pedalları yarış maşınının pedalları kimidir. Yəni bir-birinə çox yaxındır. Qadın üçün rahatdır – bizim ayağımız balacadır. Hərçənd mən istisnayam. Otuz doqquz ölçüdə çəkmə geyinirəm.
Edvard qıza baxdı. Onun uşaq kimi sevinməsi xoşuna gəlirdi.
Vivyen əlini sükandan çəkib Edvardın sifəti bərabərində qaldırdı.
– Yeri gəlmişkən, ayağın ölçüsü dirsəkdən biləyədək olan məsafəyə bərabərdir. Bilmirdiniz?
Edvard güldü:
– Birinci dəfə eşidirəm.
– Əslində, o qədər də vacib məlumat deyil, – Vivyen də güldü və yenidən ikiəlli sükandan yapışdı.
Onlar bir müddət dinməzcə yol getdilər. Edvard dizinin üstündəki plaşı hamarladı. O, baş götürüb Stakinin evindən qaçanda həmişəki səliqəliyini bir anlığa unutmuşdu, plaşı maşının sağ oturacağına atmışdı. Qız da plaşın üstündə oturmuşdu.
Edvard bir qədər düşündü, sonra yenidən Vivyenə baxdı. «Heç də pis deyil. Əgər bu yöndəmsiz geyimi və qorxunc kosmetikası olmasaydı, kimsə deməzdi ki, fahişədir. Gözəl sifəti, zərif əlləri var, həm də özünə qulluq etdiyi görkəmindən görünür… Yox, o heç fahişəyə oxşamır», – deyə fikirləşdi.
Edvard öskürdü:
– Bu gün sizin peşənin sahibləri nə qədər qazanır, deyə bilərsiniz? Mən… yolda durub maşın saxlayanları nəzərdə tuturam.
– Ən azı yüz dollar, – Vivyen qiyməti artırmaq siyasətini seçdi. O, Kitin nəsihətini, dibində siçanlar oynaşan pul kisəsini və boşalmış sabunqabını yadına saldı. Fikirləşdi ki, bu kişi yüz dollardan ötrü çənə döyən adama oxşamır.
Edvard heyrətlə soruşdu:
– Gecəsi yüz dollara?
Qız gözlərini qırpmadan cavab verdi:
– Saatı…
Edvard qulaqlarına inanmadı:
– Saatı? – şübhə ilə təkrar soruşdu. – Bu qədər qazancınız ola-ola çəkmənizi sancaqla bağlayırsınız? Yəqin, zarafat edirsiz…
Vivyen dedi:
– Puldan söhbət düşəndə mən zarafatı sevmirəm.
Edvard bu fikirlə dərhal razılaşdı:
– Mən də! – O, qıza bir daha diqqətlə baxmaq üçün ona sarı çevrildi. – Saatda yüz dollar! Pis deyil!
Bir an gözlərini yoldan çəkən Vivyen Edvardın üzünə güldü, ədəbsizcəsinə əlini onun şalvarının zəncirbəndinin üstünə qoydu:
– Hələ bərkiməyib, amma düzələn işdir!
Edvard belə ədəbsizliyə layiqli cavab tapmadığından qızın iradını qulaqardına vurmağı lazım bildi. Beynindəki fikirlər dolaşmışdı. O yalnız Vivyenə baxırdı.
Axır ki, «Recent Beverli Uilşir» mehmanxanası göründü. Vivyen maşını ustalıqla nəhəng lüks otelin mərkəzi girişinə aparan qövsvarı dar yola çıxardı və qapının ağzında saxladı. «Lotus» dayanmağa macal tapmamış uniformalı qapıçı girişin qarşısında peyda oldu. Eyni anda gözəl geyimli bir xanım otelin qapısında göründü. Vivyeni sürücü yerindən düşən görəndə qapıçının ağzı əyildi. Gözəl geyimli xanım isə yarıçılpaq qıza ikrahla nəzər salıb tələsik içəri keçdi.
– Axşamınız xeyir, mister Lyüis! – deyə qapıçı maşının yanına yüyürdü. O, bir daha risk edib Vivyenə baxdı, amma gördüyündən özünü itirməli, yoxsa heyrətlənməli olduğuna qərar verə bilmədi.
– Mister Lyüis, bu gün sizə yenə də maşın gərək olacaqmı? – o maraqlandı.
Edvard güldü: şəxsi sürücüsü də həmişə ondan eynilə bunu soruşardı.
– Güman edirəm ki, yox, – Edvard üzünü dəbdəbəli otelin fasadını gözdən keçirən Vivyenə tutdu. Qız heyrətlə başını buladı:
– Oho… deməli, siz burada yaşayırsınız…
– Bəli.
Onlar bir-birinin üzünə baxdılar. Edvard öskürüb soruşdu:
– Siz yaxşısınız?
Vivyen susdu. Qız nömrəyə dəvət ediləcəyinə çox ümidli idi! Əgər Kitin yanına yüz dollarsız qayıtsaydı, fəlakət baş verəcəyini bilirdi!
– Görüm öz iyirmiliyimə taksi tuta bilərəm? – Vivyen dedi, amma görkəmindən sağollaşmaq istəyənə oxşamırdı.
– Aydındır. Siz axı işdəsiniz…
Vivyen güldü:
– İşdə… Əntiqə. Bunu əla dediniz!
Edvard əvvəl ayaqlarının altına, sonra gözlərini qaldırıb qıza baxdı:
– Sağ olun ki, məni gətirdiniz.
– Hə də… belə də… – Vivyen hələ də utancaq gimnaziya tələbəsi kimi tərəddüd içində ovuclarını ətəyinə sürtürdü. Qız yenidən otelin fasadına baxdı. Bu an o, burnunu ləzzətli biskvitlər düzülmüş qənnadı dükanının vitrininə yapışdırıb baxan ac uşağı xatırladırdı.
Vivyen qəfildən dönüb getdi.
– Görüşənədək, – Edvard onun ardınca qışqırdı. O, Vivyenin yavaş yeridiyinə də diqqət yetirdi. Qız gedə-gedə jaketini geyindi. Onun uzunboğaz çəkmələrinin (zəncirbəndləri sancaqla bağlamışdı, çünki təzə çəkmə almağa pulu yox idi) hündür dabanları asfaltı döyəcləyirdi. Mehmanxananın yanındakı taksi dayanacağından yan keçən qız Uilşir bulvarına tərəf yollandı.
Qızın taksi tutmaq fikrində olmadığını görən Edvard özü də fərqinə varmadan onun ardınca getdi:
– Bəs taksi?
Vivyen avtobus dayanacağındakı skamyanın söykənəcəyinin üstündə oturmuş, ayaqlarını oturacağa dirəmişdi.
– Fikrimi dəyişdim. Avtobusda getmək kefimi açar.
– Hə, əlbəttə, – Edvard sözünə davam etdi, – bayaqdan başımdan çıxmır… Siz, doğrudan, bir saat üçün yüz dollar alırsınız?
– Doğrudan! – qız elə qəti cavab verdi ki, Edvard bir az da düşünüb çiyinlərini çəkdi:
– Olsun… Əgər sizin başqa öhdəliyiniz yoxdursa,.. əgər siz bu axşamı mənimlə keçirərsinizsə, sizə minnətdar olaram. Razısınız?
– Niyə də yox? – Vivyen çox etinasız cavab versə də, qızın üzündə yazılmış sevinc və rahatlıq onun riyakarlıq etdiyini büruzə verirdi. – Yeri gəlmişkən, adınız nədir? – o soruşdu.
– Edvard.
– Edvard?! – Vivyen heyranlıqla təkrarladı. – Sevdiyim addır! Məncə, əsl kişi adıdır.
Edvard əlini yelləyib Vivyenlə tam razı olmadığına işarə etsə də, qızı saxlamaq mümkün deyildi.
– Nə yaxşı ki, məhz belədir! Bu heç təsadüfi deyil…
Mehmanxananın girişinə çatanda Edvard qəfildən plaşını qıza uzatdı:
– Bunu geyinin.
– Niyə? – Vivyen gözlərini döydü. – Mənə soyuq deyil.
– Məsələ ondadır ki… – Edvard utana-utana dilini sürüdü. – Bu otel saatla nömrə kirayə verilən yerlərdən deyil.
Edvard hiss etdi ki, fikrini bir qədər sərt söylədi, amma Vivyen cavabında yalnız gülümsədi:
– Anladım. – Qız Edvardın plaşı onun çiyninə salmasına etiraz etmədi.
Onlar mehmanxananın rahat yumşaq mebel qoyulmuş və gur yaşıllığa bürünmüş vestibülünə daxil oldular. Parıldayan mərmər döşəməyə bahalı İran xalıları döşənmişdi.
Vivyen gözlərini bərəldib ətrafa baxır, gördüyü möhtəşəmlikdən nəşələnirdi:
– Heç pis deyil!..
Qız yeriyə-yeriyə plaşı geyindi və yaxasını örtdü. Həmin an liftdən çamadan qalanmış əl arabası ilə çıxan yükdaşıyan onu görəndə ağzı açıla qaldı. Amma gözlərini Vivyenə dikən təkcə bu yükdaşıyan deyildi, sadəcə, digər «tamaşaçılar» təəccüblərini onun qədər açıq göstərmirdilər.
Portyenin piştaxtasının qarşısında ər-arvad dayanmışdı. Onlar qaşlarını çatıb Vivyenə baxırdılar. Qadın çımxırdı və arxasını Vivyenə çevirdi.
Dəri kresloda əlində qəzet bir cənab əyləşmişdi. O da qəzet oxumağına ara verib nəzərlərini Vivyenə yönəltdi. Hiss olunurdu ki, bu yaşlı, sanballı cənab da belə yüksək səviyyəli mehmanxana üçün məqbul sayılmayan təzahürdən heyrətlənib. İri çiçək dibçəyinin arxasında dayanmış qadın isə yanından ötən Vivyeni görmək üçün elə qanrıldı ki, az qala boynu qırılacaqdı.
Vivyensə sağa-sola boylanır, ətrafdakı dəbdəbəyə baxır, baş verənləri görmürdü.
– Yaxşı, yaxşı, – Edvard gülümsəyib dostcasına ona irad tutdu.
Bu sözdən sonra Vivyen ayıldı və vestibüldə necə sensasiya doğurduğunu gördü.
– Lənət şeytana! – qız dizlərinin qatlandığını hiss edib öz-özünə donquldandı. Doğrudan da, niyə şeytana uyub bu mehmanxanaya gəlmişdi ki, bir dəqiqədən sonra arxasından təpik vurub bayıra atsınlar?!
Edvard qızın çaşqınlığını gördü, sakitcə əlini onun çiyninə qoydu:
– Getdik! Fikir verməyin! – Eyni zamanda o, qızın adət etdiyi «peşəkar» yerişinə diqqət yetirdi və astadan dedi: – Amma ombalarınızı elə yırğalamayın!
Vivyen dodağını dişlədi, çəpəki Edvarda baxdı və onunla birlikdə portyenin piştaxtasına yaxınlaşdı.
– Axşamınız xeyir, mister Lyüis, – otelin işçisi Edvardla nəzakətlə salamlaşdı. «Recent Beverli Uilşir»in personalı əla tərbiyə gördüyündən gənc qadın Edvardın yanındakı qıza ötəri nəzər saldı və heç nə olmamış kimi qonaqla əvvəlkitək hörmətlə danışmaqda davam etdi.
Edvard portyenin salamını alıb soruşdu:
– Mənim üçün nəsə var?
– Bəli, buyurun, – portye ona bir neçə məktub və faks kağızı uzatdı.
– Təşəkkür edirəm, – Edvard dərhal poçtu gözdən keçirməyə başladı.
Vivyen isə Hollivud bulvarında kifayət qədər təvazökar duruş hesab edilən bir şəkildə sol qolu ilə piştaxtaya söykənib, sağ əlini ombasının üstünə qoyub, sol ayağını da azacıq irəli verib gözləyirdi. Kit onunla bu pozanı uzun-uzadı məşq etmişdi. Vivyenin duruşu nə qədər təbii olsa da, bütün görünüşü adama «gəl-gəl» deyirdi, buna görə də portye bu dəfə qıza baxarkən marağını gizlədə bilmədi. Edvard tələsik Vivyenin qoluna girdi.
– Hə, – o, portyeyə tərəf döndü, – mənə bir şüşə şampan şərabı və çiyələk göndərilməsini xahiş edin!
– Mütləq, – portye dərhal cavab verdi və əlini telefona uzatdı. Liftə tərəf gedəndə Vivyen portyenin telefonla dediklərini eşitdi: «Restoran? Mister Lyüisin nömrəsinə sifariş qəbul edin!»
Edvard liftin düyməsini basdı. Onlarla yanaşı dayanmış ahıl cütlük də Vivyenin görkəmindən az heyrətlənməmişdi. Qadın gözlərini Vivyenə elə zilləmişdi ki, sanki yad planetdən gəlmiş adam görürdü.
Vivyen alışmadığı təmtərağın doğurduğu sıxıntıdan yenicə azad olurdu. Belə bir məqamda bir qoca arvadın gözləri ilə onu yeməsi qızı özündən çıxardı. O heç kimin gözləmədiyi halda ayağını qaldırıb liftin yanındakı hündür dəmir külqabının üstünə qoydu. Plaşın ətəyi sürüşdü və onun yaraşıqlı baldırı açıq qaldı. Vivyen sifətində saxta dəhşət ifadəsi bərkdən dedi:
– Əzizim, bir bax, nə olub! Kolqotqamın ilməsi qaçıb!
Edvard dinməzcə gülümsədi, ər-arvad isə qızın çılpaq baldırını görəndə hiddətlə üzlərini çevirdilər. Vivyen bərkdən güldü:
– Yeri gəlmişkən, mən kolqotqa geyinmirəm.
Ahıl qadın yenidən onlara tərəf çevrildi və üzündə təbəssümə oxşayan nəsə yaratmağa cəhd etdi.
Lift gəldi. Qulağı oxşayan zəng səsi eşidildi, qapılar səssiz açıldı və liftdən cavan cütlük çıxdı. Hələ də gülən Vivyen özünü kabinəyə atdı:
– Ay səni, bəxtə bax, burada ikiadamlıq divan da var ki!
Edvard ahıl ər-arvadı qabağa buraxmaq istəyirdi, lakin Vivyenin son sözlərini eşidən yaşlı qadının gözləri qəzəblə parıldadı, o geri döndü. Qadının bu hərəkəti onun Vivyen kimisiylə eyni liftə minməyəcəyini göstərirdi.
Edvard çiyinlərini çəkdi:
– Birinci dəfədir ki, liftə minir, – o, ahıl qadına vəziyyəti anlatmaq istədi.
Liftin kabinəsindən çıxan cavan kişi Vivyenə elə iştahla baxırdı ki, yanındakı qadın onun böyrünə bir dürtmə vurmalı oldu və narazılığını gizlətmədi:
– Ağzının suyunu sil, əzizim!
Liftin qapıları bağlandı, amma liftçi oğlan, deyəsən, nə etməli olduğunu unutmuşdu, Vivyenə tamaşa edirdi. Vivyen ədəbsizliklə dəri üzlüklü divanda yayxandı, amma dərhal yerindən sıçrayıb qalxdı.
– Üzr istəyirəm, – özünü itirmiş qız yavaşdan dedi, – amma mən belə öyrəşmişəm.
Edvard başını tərpətdi:
– Gələn dəfə başqa cür davranmağa çalışın.
Sonra o, sual dolu nəzərlərlə liftçiyə baxdı. Otel xidmətçisi özünü yığışdırdı və nəhayət, nə üçün burada olduğunu xatırladı. O, düyməni basdı, lift hərəkətə gəldi.
– Lüks nömrə, – lift dayananadək gözlərini Vivyendən çəkə bilməyən uniformalı oğlan elan etdi.
– Lüks nömrə? – Edvardın ardınca liftdən çıxan qız fit çaldı. – Fısqırıq! Heç belə gözləmirdim!
– Sola, – Edvard ona yolu göstərdi.
Heyrətdən hələ də ağzıaçıq qalmış otel xidmətçisi liftdən çıxıb baxışları ilə Vivyeni izləyirdi, amma Edvardın narazı nəzərlərini hiss edən kimi tələsik kabinəyə çəkildi.

IV fəsil
Edvard maqnit kartını açar deşiyinə salıb qapını açdı və Vivyeni irəli buraxdı.
Qız bu vaxtadək aşağıda – vestibüldə gördüklərindən sonra heç şübhə etmirdi ki, «Beverli Uilşir» çox yüksək səviyyəli mehmanxanadır. Lakin yuxarı mərtəbədə yerləşən nömrədən açılan möhtəşəm mənzərə bu mehmanxananın səviyyəsinin nə dərəcədə yüksək olduğunu daha yaxşı nümayiş etdirirdi.
Nömrənin sahəsini orta villa ilə müqayisə etmək olardı. Burada holl, qonaq, yemək və yataq otaqları var idi. Ayrıca qarderob nəhəng vanna otağına bitişik idi. Bütün bu möhtəşəmliyi geniş eyvan tamamlayırdı.
Vivyen holla girəndə ayaqları çəhrayı rəngli yumşaq xalçanın xovları arasında batdı. Mehmanxananın vestibülündə olduğu kimi, burada da hər tərəfdə gül dibçəkləri gözə dəyirdi. Edvard dəhlizdəki düyməni basıb bütün otaqlarda işıqları yandırdı. Vivyen qonaq otağına keçdi, bahalı ağacdan düzəldilmiş mebelə, büzməli məxmər pərdələrə, çoxsaylı kiçik divanlara, kreslo və masalara tamaşa etməyə başladı.
– Necədir? – Edvard soruşdu. – Təəccübləndirir, elə deyil?
Qız ona yaxınlaşıb saymazyana dedi:
– Bəlkə, kimisə təəccübləndirər, amma məni yox. Mən belə nömrələrdə hər gün oluram. Elə düşünməyin ki, beləsini saathesabı vermirlər. Elə verirlər ki!
– Məlum məsələdir, – Edvard yüngül istehza ilə gülümsədi və yazı masasına yaxınlaşdı. O, lampanı yandırıb kresloya əyləşdi, məktubları və faks kağızlarını oxumağa hazırlaşdı.
Vivyen eyvana çıxdı.
– Lənət şeytana, mənzərəyə bax! – Qız aşağıda şəhərin sayrışan işıqlarını görəndə qışqırdı. – Mərc gələrəm ki, buradan okean da görünür.
Edvard zərfi açıb məktubu çıxardı:
– Mən hələ eyvana çıxmamışam, amma sizə tam inanıram.
– Necə yəni, «çıxmamışam»? – qonaq otağına qayıdan Vivyen təəccübləndi. – Niyə?
– Yüksəklikdən dəhşətli dərəcədə qorxuram.
– Doğrudan?
Edvard başını tərpətdi.
– Elədə eyvanı olan nömrə nəyinizə gərəkdir?
– Çünki belə öyrəşmişəm, – Edvard məktubu kənara qoydu. – Məlum məsələdir ki, mən birinci mərtəbəyə üstünlük verərdim, amma aşağıdakı bütün nömrələr tutulmuşdu.
Yalnız indi Vivyenə çatdı ki, o, hələ də Edvardın plaşındadır. Qız plaşı soyunub kanapenin üstünə qoydu, bir az qonaq otağında gəzişdi və qərara aldı ki, birbaşa mətləbə keçmək zamanıdır.
– Hm, sizinlə neyləyəcəyik? – o soruşdu.
Cavab gözləyən Vivyen servanta yaxınlaşıb onun tunc tutqaclarını sığalladı, mebeli gözdən keçirməyə başladı. O, hələ də belə şəraitlərdə özünü naqolay hiss edir və təşəbbüs göstərməyi o qədər xoşlamırdı.
Edvard diqqətini məktubun üzərində cəmləməyə çalışırdı.
– Düzünü deyim, özüm də bilmirəm, – o, dalğın-dalğın cavab verdi.
– Heyif, – Vivyen ağzından qaçırdı. Qız yenidən otaqda gəzişdi və oval formalı şüşə masanı diqqətlə nəzərdən keçirməyə başladı.
– Əslində, mənim planımda belə bir iş yox idi, – işindən həvəssiz ayrılan Edvard cavab verdi.
– Hətta belə? Siz hər addımınızı planla atırsınız?
– Məlum məsələdir! – Edvard inamla dedi.
– Elə mən də! – qız yalan danışdı, amma Edvardın gözlərindəki şübhəni görüb sözünü dəyişdi: – Hərçənd yox, mən plan qurmağı o qədər də sevmirəm. Düzünü deyim, adət eləməmişəm. Mən ovqat adamıyam və məni harada soyundururlarsa, orada özümü evdəkitək hiss edirəm. Bir günlə yaşayıram. Neylək, mən də beləyəm.
Vivyen kresloya əyləşdi və qollarını sinəsində çarpazladı, bir qədər susub sanki çox vacib nəsə söyləyəcəkmiş kimi öskürdü:
– Bilirsiniz nə var? Siz mənim haqqımı verə bilərsiniz. Məncə, bu, vəziyyəti bir az asanlaşdırar.
Edvard fırlanan kreslosu ilə birlikdə döndü və gözlərini heyrətlə Vivyenə dikdi:
– Ah!.. hə… üzr istəyirəm. Məncə, nağd pul yarayar?
Onun pencəyinin iç cibindən çıxardığı pulqabını görəndə qızın üzünə işıq gəldi:
– Yalnız nağd!
Edvard masanın üstünə bir neçə dollar qoydu. Vivyen yerindən sıçrayıb tez onları götürdü, masanın küncündə – Edvardın düz qarşısında əyləşdi və pulları çəkməsində gizlətdi.
Edvardın baxışları istər-istəməz qızın ayaqlarına dikildi. O karıxdığını gizlətmək üçün nəzərlərini yayındırdı və narazılıq etdi:
– Siz mənim faksımın üstündə oturmusunuz. Bu sizi narahat etmir?
– Bilmirdim ki, buna faks deyirlər, – qız məftunluqla gülümsədi. – Ömrümdə ilk dəfədir ki, faksın üstündə oturmuşam. – O, yana əyilib yumru dalını qaldırdı, Edvardın faks kağızını dartıb çıxarmasına imkan yaratdı.
– Hər şey qaydasındadır, – Edvard mızıldandı və kağızı masanın o biri küncünə sürüşdürdü.
– Əntiqə! – Vivyen xısın-xısın güldü, masanın üstündə yerini rahatladı, uzunboğaz çəkməsinin zəncirbəndini açıb oradan bir ovuc prezervativ çıxardı. Qız prezervativləri kart açırmış kimi yayaraq Edvarda göstərdi.
– Seçə bilərsiniz! Qırmızı, yaşıl, sarı… Yasəmən rəngdə olanlar, təəssüf ki, qurtarıb. Amma əvəzində bir dənə qızıl medallısı var. Yalnız çempionlar üçündür!
O, ağzıbağlı prezervativi əlinə alıb əsl bazar alverçisi kimi onu Edvardın burnunun qabağına tutdu:
– Əla, dünyada ən üstün qoruyucudur! Bundan heç nə keçməz! Nədi, nə baxırsınız?
– Tam təhlükəsizlik zəmanəti! – Edvard zarafat etmək istədi.
– Nahaq lağ edirsiniz, əvvəl-axır siz də maşında təhlükəsizlik kəməri taxırsınız? – qız ağızdolusu güldü.
Bu söz Edvardın kefini açdı. O ayağa qalxdı, Vivyen prezervativi masanın üstünə qoyub onun şalvarının kəmərinə nəzər saldı. Qız bilmirdi ki, özü başlasın, yoxsa Edvardın hərəkətə keçməsini gözləsin. Bəlkə də, qızın təşəbbüs göstərməsi onun ürəyincə olacaqdı.
Nəhayət, Vivyen seçim etdi və Edvardın kəmərini aramla açmağa başladı.
– Bəlkə, əvvəlcə jileti? – Vivyen soruşdu.
– Yox, yox, – Edvard onun əlini saxladı, – mən sadəcə… istəyirdim ki, sizinlə söhbət edim.
– Söhbət edəsiniz? – Vivyen sualı təkrarladı. Sürətlə fikirləşməyə, Edvardın nə demək istədiyini anlamağa çalışdı. Olmaya, bu kişi telefonla seks həvəskarıdır?
Amma Edvarda bir də diqqətlə baxandan sonra qız bu nəticəyə gəldi ki, onun dediklərinin sətiraltı mənası yoxdur. Bəlkə, müştəri onu bəyənməyib?
– Buyurun, – kefi bir qədər pozulmuş Vivyen dilləndi. – Söhbət etmək də olar. Necə istəyirsiniz.
Edvard pencəyini soyunub onu kreslonun dirsəkliyinin üstünə qoydu. Vivyen ehtirassız səslə dostyana söhbətə başladı:
– Deyin görüm, sizin burada şəxsi işiniz var, yoxsa rəsmi? – qız maraqlandı. – Bəlkə, həm ondan, həm bundan?
– Rəsmi, – Edvard ona baxdı. – Hər halda, mənə elə gəlir.
– Rəsmi, – deyə qız alt dodağını dişlədi. – Elə isə, tapmağa cəhd göstərək. Siz, yəqin… yəqin ki,.. – o, gözlərini iri açıb fikrə getdi və nəhayət, bərkdən dedi:
– Siz vəkilsiniz!
Vivyenə qulaq asa-asa Edvard kresloda yerini rahatladı, ayaqlarını məxmər üzlüklü kətilin üstünə qoydu. Qız yazı masasından sürüşüb düşdü və onun yanında oturdu. Vivyen üçün bu şıq geyimli, şübhəsiz, yaraşıqlı kişinin onu istəməməsi ilə barışmaq çətin idi. Buna görə də yenidən cəhd göstərməkdə qərarlı idi. Hər halda, o, Vivyenə yüz dollar vermişdi və qız minnətdarlıq etmək istəyirdi.
– Vəkil? – Edvard güldü. – Niyə belə düşünürsünüz?
Qız iti nəzərlərlə ona baxdı.
– Çünki adam sizinlə darıxacağını elə uzaqdan hiss edir!
Zərbə hədəfə dəymişdi. Vivyen gördü ki, Edvardın üzündə məyusluq ifadəsi yarandı.
– Görünür, sizin vəkil tanışınız az olmayıb, – o cavab verdi.
Vivyen dodağını büzdü, barmaqlarının ucuyla onun yanını qıdıqladı və mənalı-mənalı gülümsədi:
– Hə… Bəziləri ilə ünsiyyət imkanım olub. – Bu yerdə Edvard ona tərəf əyildi. Vivyenə elə gəldi ki, kişi onu öpəcək, amma həmin dəqiqə qapı zənginin ahəngdar səsi gəldi. Qız həyəcanlandı, boynunu uzatdı.
– Kim olar?
Edvard da bir qədər özünü itirmişdi, amma bu çaşqınlığı zəng yaratmamışdı. Qısa fasilədən sonra o dilləndi:
– Şampan şərabı…
– Oho! Əladı ki! – Vivyen sevinclə yerindən sıçradı. – Onda qapını mən açım, heç olmasa, bir xeyrim dəysin!
Edvard bu dəfə maraq dolu baxışlarla qızı qapıyadək ötürdü.
Zəng ikinci dəfə çalındı. Vivyen dəhlizin qapısını taybatay açdı və ofisiantla üz-üzə gəldi. Ofisiantın əlində üstünə dəsmal salınmış boşqab və gümüşü vedrəcikdə buzun içinə qoyulmuş şampan şüşəsi olan gümüşü məcməyi var idi. O, nəzakətlə baş əydi:
– Axşamınız xeyir!
– Xoş gördük! – Vivyen ofisiantla dost kimi salamlaşıb qapını örtdü və onu qonaq otağına ötürdü.
– Hara əmr edirsiniz? – otel qulluqçusu dayanıb qıza baxdı.
– Hara qoysun? – Vivyen sualı Edvarda ünvanladı.
Ofisiant heyranlıqla Vivyenin çılpaq belini süzdü.
– Yəqin ki, bara, – Edvard dilləndi. Gözoxşayan mənzərədən təəssüf hissi ilə ayrılmalı olan ofisiant bara yaxınlaşdı. Vivyen dabanbasma onun ardınca getdi. Otel qulluqçusu məcməyini qoyub dönəndə az qaldı ki, qızla toqquşsun.
– Oh, pardon! – Vivyen gülümsədi və yana çəkildi, amma ofisiant da eyni tərəfə addım atdığından az qaldı ki, alınları bir-birinə dəysin. Vivyen şaqqanaq çəkib yoldan çəkildi.
– Sizin hesabınıza yazacağam, mister Lyüis, – ofisiant dedi və yerə mıxlanmış kimi qonaq otağının ortasında dayanıb gah Edvarda, gah Vivyenə baxdı.
– Nə gözlərini zilləmisən? – qız heyrətlə soruşdu. Amma onun kimə müraciət etdiyi bilinmədi.
Ofisiant cavabında hündürdən öskürdü. Vivyen sual dolu nəzərlərlə Edvarda baxdı:
– O nə istəyir?
Edvard sanki yuxudan ayıldı və cibindən pulqabını çıxardı:
– Oh, doğrudan da. Götürün. Çox sağ olun.
Ofisiant pulu alıb baş əydi və getməyə tələsdi:
– Çox təşəkkür edirəm! Xoş istirahət!
Ofisiant gedəndən sonra Vivyen pərt halda başını buladı:
– Axmağam da! Mən çaypulunu necə unutdum axı?
– Mühüm deyil, – Edvard bara tərəf yollandı.
Vivyen qollarını yellədə-yellədə otaqda gəzişdi.
– Mən çəkmələrimi çıxarsam, etiraz etməzsiniz? – qız soruşdu.
– Buyurun.
Edvard iki qədəh götürüb barın üstünə qoydu və şampan şüşəsini vedrədən çıxardı.
Vivyen qonaq otağını dəhlizdən ayıran hündür kandarın üstündə oturdu və çəkməsinin zəncirbəndini açdı:
– Bir söz soruşum, arvadınız var? Ya görüşdüyünüz qız?
– O da var, bu da, – Edvard şüşənin ağzına dolanmış zərli kağızı aça-aça cavab verdi.
Vivyen uzunboğaz çəkməsinin bir tayını döşəməyə atdı:
– Bəs onlar hardadırlar? Yoxsa indi hardasa birgə şam edirlər?
Vivyen öz sözünə güldü və dodağını əyib çəkmənin ikinci tayının zəncirbəndini açmağa başladı.
– Mənim keçmiş arvadım, – Edvard bu sözləri xüsusi vurğuladı, sonra ehmalca şampan şərabını açdı və izahatına davam etdi, – Lonq-Aylenddə, mənim əvvəlki evimdə, mənim keçmiş itimlə bir yerdə yaşayır. Mənim keçmiş rəfiqəm Cessika isə Nyu-Yorkda, mənim mənzilimdədir. – Edvard qədəhləri doldurub acı-acı əlavə etdi: – Ola bilsin ki, biz burada söhbət edən vaxt o artıq çamadanlarını qablaşdırır.
Edvard qədəhləri əlinə alıb Vivyenə yaxınlaşdı və onları hündür kandarın üstünə qoydu. Sonra ofisiantın şampan şərabı ilə birgə gətirdiyi boşqabı götürmək üçün bara qayıtdı.
Vivyen uzunboğaz çəkmənin ikinci tayını və corablarını soyunub qədəhi əlinə aldı. Qız gördü ki, Edvard öz şərabını mineral su kimi yarıyadək birdəfəyə içdi. O, qapağı qaldırıb boşqabı Vivyenə uzatdı.
– Çiyələk götürün.
– Niyə? – qız təəccübləndi.
– Çiyələk şampanın dadını artırır, – Edvard başa saldı.
– Nə gözəldirlər, – qız çiyələkləri qiymətləndirdi və onlardan ən irisini götürüb dişlədi. Üstündən qədəhdəki şərabdan hortuldatdı. – H-mmm, pis deyil. Bəs siz daha içmirsiniz?
– Yox. – Edvard boşqabın qapağını örtüb onu yerinə qoydu.
– Mən sizə etiraf etməliyəm ki, – Vivyen dişlənmiş çiyələyinə və boşalmış qədəhinə baxdı, – siz adamı yoldan çıxarmağı bacarırsınız. Amma buna zərrəcə ehtiyac yoxdur. Vaxt – puldur, madam ki artıq razılaşmışıq, bəlkə, başlayaq?
Edvard barın qarşısındakı kətildə oturdu və üzünü Vivyenə tutdu.
– Belə görürəm, sizin vaxtla bağlı probleminiz var.
Qız dinməzcə başını tərpətdi.
– Belə olan halda, bəlkə, bu yükü sizin çiyinlərinizdən götürək? – Edvard təklif etdi.
– Mən elə bunu istəyirdim! – qız dərhal rahatlandı.
Edvard qətiyyətlə soruşdu:
– Bütün gecənin haqqı nədir?
– Bütün gecənin? – Vivyen heyrət dolu nəzərlərini ona dikdi, amma tez də üzünə biganəlik ifadəsi verməyə çalışdı. Sonra qəfildən güldü və gözlənilmədən «sən»ə keçdi:
– Buna pulun çatmaz!
– Haradan bilirsən? – Edvard halını pozmadan cavab verdi.
Vivyen bu oyunda «müştərisini» bacardığı qədər «yükləmək» qərarına gəldi. Nə olar, olar. Hətta «müştəri» imtina etsə də, artıq bir yüzlük qazanıb!
– Mənim muzdum üç yüz dollardır!
Edvardın başında bir tük belə tərpənmədi:
– Üç yüz? Bu qədər xərcləməyə imkanım çatar. – O, kətildən enib boş qədəhi Vivyendən almaq üçün ona yaxınlaşdı. Qız başını qaldırdı və heyrətlə Edvarda baxdı. Edvardın ət görmüş pişik kimi iştahla onu süzdüyünü gördü.
– Çox sağ ol. İndi rahatlanmaq olar.
Edvard qızın qədəhini yenidən doldurdu. Birdən Vivyen yerindən sıçradı.
– İndi gəlirəm! – o, çantasını qamarlayıb vanna otağını axtarmağa getdi.
Vanna otağına iki qapı açılırdı – biri dəhlizdən, o biri yataq otağından. Vivyen mərmərlə döşənmiş, qızılı kranları bərq vuran otağa keçib əllərini yudu, onları tiftikli hamam dəsmalına sildi, sonra çantasındakı plastik qutunu çıxardı.
– Bu şampanda doğrudan da nəsə var, – o qışqırdı.
– Sən nə dedin? – Edvard yataq otağından vanna otağına boylandı.
Vivyen diksinərək çevrildi, Edvardı görəndə özündən asılı olmayaraq yumru qutunu arxasında gizlətdi. Amma Edvard onun hərəkətini güzgüdən gördü.
– Mən? Mən dedim ki, indi çıxıram, – Vivyen əsəbi halda güldü.
Edvardı qəfil şübhə bürüdü, o, gözlərini qıyıb qızın üzünə baxdı:
– Belə elə… əlindəki nədir? Nəyi gizlədirsən?
– Elə bir şey deyil, – Vivyen karıxdı. Edvardın rəngi boğuldu. Bir saniyədə özünü qıza yetirdi, güzgünün qarşısındakı çantasını götürüb çığırdı:
– Narkotikdən zəhləm gedir! Cır-cındırını yığ, pulunu götür, rədd ol burdan!
– Bu hardan çıxdı! – Vivyen Edvardın qarşısından çəkilib sakitcə qapıya tərəf getdi. – Narkotik nədir? Mən onu on dörd yaşımda tərgitmişəm.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/suzanna-saybler/goz-lc-68289553/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Skeytbord (ing. skateboard) – diyircəkli lövhə
Gözəlçə Süzanna Şaybler

Süzanna Şaybler

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Gözəlçə, электронная книга автора Süzanna Şaybler на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв