Makedoniyalı İsgəndər
Питер Грин
Tarixi yaradanlar
Tarixin ilk nəhəng fatehi sayılan Makedoniyalı İsgəndər haqqında hər şeyi bilmək istəyirsiniz? Elə isə bu kitab sizin üçün ən yaxşı bələdçi ola bilər.
Piter Qrin
Makedoniyalı İsgəndər
Çox yaşayıb şöhrətə çatmamaqdansa, az yaşayıb şöhrətə çatmağı üstün tutardım.
Makedoniyalı İsgəndər
I FƏSİL
Makedoniyalı Filip
Miladdan öncə 356-cı ilin sentyabrında Makedoniyanın paytaxtı Pella şəhərindən bir çapar hökmdara təcili xəbər çatdırmaq üçün yola düşdü. Makedoniya ordusu həmin vaxt Potideya şəhərində idi. Çapar tələsirdi, çünki keçmiş səltənət naibi, indi isə özünü hökmdar elan etmiş Amintanın oğlu Filipin astagəllikdən xoşlanmadığını bilirdi. Əgər çapar hökmdarı üzdən tanımasaydı, Filipi öz sərkərdələrinin arasından zorla seçərdi: onların hamısı al-qırmızı rəngdə plaş geyinmiş, başlarına isə enli şlyapa qoymuşdular.
Hökmdarın iyirmi yeddi yaşı yenicə tamam olmuşdu; topa saqqallı, hündürboy adam idi, yeyib-içməyi xoşlayırdı. Çaparın gətirdiyi məktubu oxuyandan sonra Filipin əylənmək üçün yeni bəhanələri oldu: birincisi, çarın ən etibarlı sərkərdələrindən Parmenion indiki Albaniya və Serbiya ərazilərində məskunlaşan birləşmiş İlliriya və Peoniya orduları üzərində həlledici qələbə qazanmışdı. İkincisi, onun atları Olimpiya oyunlarında qalib gəlmişdi. Nəhayət, üçüncüsü: daha çox Olimpiada adı ilə tanınan arvadı Mirtala oğlan uşağı dünyaya gətirmişdi.
Sadalanan üç hadisə niyə Filip üçün belə böyük əhəmiyyət kəsb edirdi? Bu suala cavab verməkdən ötrü Makedoniyanın keçmişinə nəzər salmaq lazımdır.
Makedoniya coğrafi və etnik cəhətdən iki hissəyə – dağlıq və düzənlik əraziyə bölünmüşdü. Cənubi Makedoniya münbit düzənlikdə yerləşirdi. Bu vilayət ilk dövlət mərkəzi olmuşdu. Filip paytaxtı Pellaya köçürməmişdən əvvəl ölkənin paytaxtı mənzərəli qala-şəhər Aigai idi. Meyvə ağacları ilə bol olan bu yeri xalq arasında «Midas bağları» adlandırırdılar.
Şimali Makedoniya – çətin keçilən bu dağlıq ərazi isə bir vaxtlar üç dövlətə bölünmüşdü: Elmiya, Orestida və Linkestida. Əvvəllər bu vilayətlər müstəqil idi və hər birini təkəbbürlü sülalələr idarə eləyirdi. Makedoniyanın qərb qonşuları olan Epir çarları iddia edirdilər ki, onların sülaləsi Axillesin nəvəsindən törəyib. Bu isə yeni doğulan körpənin – İsgəndərin gələcək həyatında mühüm rol oynayacaqdı, çünki anası Olimpiada məhz həmin nəsildən idi.
Makedoniya hökmdarları olan Argeadlar sülaləsi isə öz şəcərəsini Herakldan götürmüşdülər. Herakl Zevsin oğlu sayıldığından, onlar özlərini «Zevsin törəmələri» adlandırırdılar (Filipin kəsdiyi sikkələrə həmişə Zevslə Heraklın təsviri həkk olunurdu). M.ö. V əsrə qədər Şimali Makedoniyada hökmdarlar Argeadlardan çıxırdı.
Argeadların sarayında qətllərin və hakimiyyətin qəsb edilməsilə nəticələnən intriqaların ardı-arası kəsilməzdi, bu səbəbdən də Filipə qədər Makedoniya yunan tarixində əhəmiyyətli yer tuta bilməmişdi.
Yunan şəhərlərində makedoniyalılara açıq-aşkar saymazyanalıq göstərir, onlara düz-əməlli danışmağı belə bacarmayan yarımvəhşilər kimi baxırdılar. Makedoniyanın yunan-İran və ya Afina ilə Sparta arasında baş tutan Peloponnes (M.ö. 431 – 404) müharibəsindəki davranışı da onunla yunanlar arasında dərin uçurum yaratmışdı. Hökmdar I İsgəndər[1 - Makedoniya çarı I İsgəndər Fillelin (e.ə. 498-454) nəzərdə tutulur.] perslərlə açıq-aşkar əməkdaşlıq eləyirdi, öz bacısını pers satrapına[2 - Satrap – Əhəmənilər dövründə hərbi-inzibati dairənin – satraplığın başçısı] ərə vermişdi. O, Əhəməni hökmdarı Ksereksin adamı kimi, afinalılara qalib gələ bilməyəcəklərini deyib, israrla təslim olmalarını məsləhət görürdü. Peloponnes müharibəsində isə onun oğlu II Perdikka o qədər bir tərəfdən o biri tərəfə keçmişdi ki, alimlərdən biri onun hansı məqamda kimin tərəfində olduğunu müəyyənləşdirmək üçün hətta ayrıca cədvəl tutmalı olmuşdu! II Perdikkanın qeyri-qanuni oğlu Arxelay isə taxt-taca yiyələnmək üçün əmisini, əmisi oğlunu və nəhayət, öz qardaşını qətlə yetirmişdi.
Perdikka ona görə tez-tez mövqeyini dəyişirdi ki, əlində hər iki döyüşən tərəfin ehtiyacı olduğu xammal – gəmi inşa etmək üçün bolluca küknar ağacı var idi. O, Peloponnes müharibəsində öz ölkəsini hərbi əməliyyatlardan kənarda saxlaya bilmiş, bu səbəbdən də Afina və Sparta kimi zəifləməmişdi.
Arxelaya gəlincə, o, gerçək vəziyyəti düzgün qiymətləndirib, Makedoniyanın güclənməsinə əngəl yaradan əsas maneələri müəyyənləşdirə bilmiş və həmin maneələri aşmaq üçün cidd-cəhdlə çalışmağa başlamışdı. Birincisi, ölkənin təhlükəsizliyini qorumaq, ordunu gücləndirərək Cənubi və Şimali Makedoniyanı birləşdirmək lazımdı. İkincisi, yunan dövlətinin Makedoniyanı ciddi qəbul etməsi üçün ellin (qədim yunan) mədəniyyətinin təbliğini genişləndirmək tələb olunurdu. Arxelay qədim dövrün başqa müstəbidləri kimi, özünü maarifçiliyin, ədəbiyyatın, elmin, incəsənətin himayədarı elan etmişdi.
Ancaq onun qətlindən sonra, obrazlı desək, qurduğu bina bir günün içində uçub dağıldı; bunun ardınca isə Makedoniyada düz qırx il hərc-mərclik hökm sürdü. Həmin dövrdə makedoniyalı zadəganların əksəriyyəti ədəbiyyat və musiqidən çox, ova və başqa əyləncələrə üstünlük verməyə başlamışdılar.
Arxelayın oğlu Orestin qəyyumu Dağlıq Makedoniya əyalətlərindən birinin – Linkestidanın hökmdarı Erop idi və bu, tarixi baxımdan kifayət qədər əhəmiyyətli nüansdır. Çünki M.ö. 396-cı ilə qədər onlar hakimiyyəti birlikdə idarə etdilər, ardınca Erop öz mövqeyini gücləndirib, təkbaşına idarəçiliyə başladı. İki il sonra Erop vəfat etdi və taxta oğlu Pavsaniy çıxdı. Ancaq çox keçməmiş o da Argeadlar nəslindən qanuni varis, I İsgəndərin nəvəsi Aminta tərəfindən öldürüldü.
M.ö. 394-cü ildə Amintanın artıq altmışa yaxın yaşı vardı. Hələ otuz il əvvəl öz əmisi Perdikkadan hakimiyyəti almaq istəmiş, ancaq hətta ikinci cəhddə də məqsədinə nail olmaqda çətinlik çəkmişdi. Linkestida zadəganları illiriyalıları[3 - İlliryalılar – qədimdə Balkanların şimal-şərqində, Adriatik dənizi sahillərindən Dunay çayının orta axarına qədər olan ərazidə və qismən Apennin yarımadasının cənub-şərqində məskunlaşmış hind-Avropa tayfaları qrupu] köməyə çağırıb Amintanı Makedoniyadan qovdular. Di gəl, M.ö. 392-ci ildə o, fessaliyalıların[4 - Fessaliyalılar – Elladanın şimal-şərqində, Egey dənizi sahillərindəki tarixi ərazidə yaşayanlar] köməyilə geri döndü və II Aminta adı ilə M.ö. 370-ci ilə qədər hakimiyyətdə qaldı. Yaşlı olmasına baxmayaraq, Amintanın üç oğlu oldu. Onların ən kiçiyi Böyük İsgəndərin atası Filip idi.
Amintanın vəfatından sonra hökmdar I İsgəndərin böyük oğlu özünün taxta olan qanuni haqqını tələb etdi. Ancaq kürəkəni hiyləgər Ptolemeyin təşkilatçılığı ilə İsgəndəri xalq rəqsi bayramında qətlə yetirdilər. Bunun ardınca o, özünü İsgəndərin qardaşı, taxt-tacın gələcək varisi Perdikkanın qəyyumu elan etdi.
Bir müddət sonra Ptolemey vəziyyətin gərginləşdiyini görüb, o vaxt Yunanıstanda qüdrətli şəhərə çevrilən Fivə nümayəndə heyəti göndərdi. Sadiqliyini nümayiş etdirmək üçün aralarında Amintanın oğlu, on beş yaşlı Filip də olmaqla bir dəstə zadəganı ora girov yolladı. Ptolemey bunun nəticəsini çətin ki, əvvəlcədən görə bilərdi. Axı Filip Fivdə qoşun başçısı, üstəlik, məğlubedilməz Sparta ordusunu Levktrax yaxınlığında darmadağın edən, Böyük İsgəndərdən sonra ən yaxşı yunan sərkərdəsi sayıla biləcək Epaminondun dostu Pammenlə birlikdə olacaqdı. Filipin hərbi karyerasında bu böyük sərkərdə mühüm rol oynayacaqdı. Elə sonralar Böyük İsgəndərin həyatında da Pammen əhəmiyyətli yerlərdən birini tutacaqdı.
Filip Pammenin sayəsində peşəkar hərbi hazırlığın, taktiki nəzəriyyənin, atlı qoşunla piyada qoşunun qarşılıqlı sıx əlaqəsinin vacibliyini başa düşəcək, fivlilərin «müqəddəs dəstəsinin» manevrlərini yaxından izləyəcək, iş o yerə çatacaqdı ki, otuz il sonra oğlu ilə birlikdə onların məşhur hərbi birləşməsini darmadağın edəcəkdi. Bundan əlavə, Filip mühüm bir prinsipi də öyrənəcəkdi: «Ən az qüvvə ilə düşmənə qalib gəlməyin ən yaxşı üsulu – ona ən zəif yerindən yox, ən güclü yerindən zərbə vurmaqdır».
Fivdə olduğu müddətdə Filip müxtəlif hərbi taktikaları mənimsəyir, pifaqorçu müəlliminin mühazirələrinə qulaq asır, bununla yanaşı, vətənində hadisələrin hansı istiqamətdə cərəyan etdiyini də diqqətdə saxlayırdı. Ptolemeyin idarəçiliyinə qarşı güclü müqavimətin meydana çıxdığını bilirdi. Heç kim hadisələrin inkişafında Filipin qardaşı gənc Perdikkanın rolunu ciddiyə almırdı, zaman isə bunun kökündən səhv olduğunu göstərdi.
Arxelay kimi Perdikka da ədəbiyyata, fəlsəfəyə meylli idi, bəlkə də, elə buna görə onunla hesablaşmağı önəmli hesab etmirdilər. Perdikka isə bunu özünə dərd eləmirdi, yəqin elə buna görə də mövqeyinin güclənməsi üçün üç il gözlədi və bundan sonra Ptolemeyi edam etdirdi!
Ardınca Makedoniyanı özü idarə etməyə başladı, ilk növbədə isə Filipin Fivdən azad olunmasına çalışdı və istəyinə çatdı. Filip qayıdanda Perdikka onu vilayətlərin birinə rəhbər təyin etdi ki, orada ordu yığıb təlim keçsin. Filip Epaminonddan öyrəndiyi hərbi dərsləri öz döyüşçülərinə keçməyə başladı. Ən maraqlısı isə odur ki, xoşlarına gəlməsə də, əsilzadələrlə kəndlilər hərbi məşğələlərin ağırlığını birlikdə çəkirdilər!
Beləliklə, Filip tədricən peşəkar ordu yaratdı. M.ö. 359-cu ildə Perdikkanın hakimiyyəti o qədər gücləndi ki, o, illiriyalılarla aralarındakı məsələni çözməyə girişdi. Həmin dövrdə qərb sərhədində dözülməz vəziyyət yaranmışdı. Linkestidalılar yenə mərkəzi hakimiyyətin nəzarətindən çıxmışdılar və Perdikka günlərin bir günü illiriyalıların köməyilə taxtdan salınacağından qorxurdu. O, Filipi kiçik yaşlı oğlu Amintanın qəyyumu təyin edib, böyük qoşun yığaraq qərb sərhədlərinə getdi. Ancaq bir neçə gün sonra çapar xəbər gətirdi ki, Perdikka məğlubiyyətə uğrayıb və 4 min nəfər makedoniyalı döyüşçü ilə birlikdə həlak olub.
Bundan sonra Filip onun hakimiyyətə gəlişini istəməyənlərin müqavimətini qıraraq taxta çıxdı. O, M.ö. 359–358-ci illərin qışını gücləndirilmiş hərbi təlimlərə həsr elədi. Yazın əvvəlində Peon[5 - Peon – antik coğrafiyada peon tayfasının yaşadığı ərazi; dəqiq sərhədləri məlum deyil, amma tarixi mənbələrdə bu tayfanın Mekedoniyanın şimalında məskunlaşdığı qeyd olunur.] hökmdarının ölüm xəbəri gəldi. Ordu ilə şimal aşırımlarından keçən Filip peonları darmadağın edərək, onlara Makedoniya hökmranlığını qəbul etdirdi. «Hücum – ən yaxşı müdafiədir» – belə fikirləşən Filip başa düşürdü ki, yalnız bu yolla illiriyalıların təhlükəsindən birdəfəlik qurtara bilər. Odur ki, 600 atlı və təxminən 10 min nəfərlik piyada qoşunla birlikdə hərbi səfərə çıxdı. İlliriya hökmdarı Bardil qorxuya düşdü və sülh təklif etdi, di gəl, onun indiyədək ələ keçirdiyi torpaqları qaytarmaq niyyəti yoxdu. Belədə, sülh danışıqları nəticəsiz qaldı. İki ordu Ohri gölü ətrafındakı düzənlikdə qarşılaşdı. Filip Epaminonddan aldığı taktiki dərsləri ilk dəfə burada sınaqdan keçirdi. İki ordu arasında say baxımından elə bir fərq yox idi, odur ki, qalibi kimin daha mütəşəkkil və daha güclü nizam-intizama malik olması müəyyənləşdirəcəkdi. Elə belə də oldu. Uzun sürən şiddətli döyüş başladı. Nəhayət, Filipin Fevdə mənimsədiyi hərbi biliklər öz sözünü dedi: düşmənin müqaviməti qırıldı. Makedoniyalılar Perdikkanın qisasını artıqlamasıyla aldılar. Eyni taktika İsgəndərə də Qranik, İss və Qavqamel döyüşlərində qalib gəlməyə kömək edəcəkdi.
Artıq Filip qalib tərəf kimi öz şərtlərini diktə edə bilərdi. Nəticədə Bardil könülsüz də olsa, işğal etdiyi Makedoniya torpaqlarını geri qaytardı. Bu qələbədən sonra Filipin nüfuzu görünməmiş dərəcədə artdı. Bundan başqa, o, Bardilin qızı ilə evləndi. Filip bu qohumluq sayəsində özünü gələcəkdə illiriyalılardan və digər xarici təhlükələrdən sığortalaya biləcəyini düşünürdü.
Ümumiyyətlə, Filipin qısa sürən həyatında beş arvadı olmuşdu. Onlardan ilki məhz İlliriya şahzadəsi Odata idi.
Odata M.ö. 357-ci ildə, belə güman edilir ki, doğuş vaxtı öldü və Filipə varis yox, qızı Kinananı qoyub getdi. Bununla həm də hökmdarın gələcəklə bağlı hesablaması yarımçıq qaldı…
Odatanın ölümündən sonra Filip Elimiot şahzadəsi Fila ilə evləndi, ancaq o da az sonra vəfat etdi və elə həmin ilin sonunda Filip özünə yenə arvad axtarmalı oldu. Onun üçüncü arvadı Epir şahzadəsi idi. Belə ki, Epir hökmdarı Arribin iki qardaşı qızı var idi. Böyüyünü özü almışdı, kiçiyi Olimpiada isə hələ ərə getməmişdi. Arrib onun Filiplə izdivacına tez razı oldu. M.ö. 357-ci ildə Filip Epir şahzadəsi ilə evləndi. Tezliklə aydın oldu ki, on səkkiz yaşlı Olimpiadanın çətin, mürəkkəb xarakteri var. Tarixi mənbələrdə onun gözəlliyi ilə yanaşı, tərs, qısqanc, təkəbbürlü, dəlisov olduğu da göstərilir. Bütün bunlara siyasi ambisiyanı da əlavə etmək olar. O, əsilzadələrlə hesablaşmadan tam hüquqlu hökmdar arvadı olmaq istəyirdi və bu da sonralar Filipi çətin vəziyyətdə qoyacaqdı. Halbuki o, bu evliliyin ilk vaxtlarında sadəcə bir şey arzulayırdı: Olimpiadanın ona varis dünyaya gətirməsini!
İstila
Filip indiyə qədər strateq və diplomat kimi hər hansı səhvə yol verməmişdi, ancaq ekspansiya[6 - Ekspansiya – hər hansı bir dövlətin, xalqın, mədəniyyətin təsir dairəsinin yayılması, genişlənməsi prosesi] planları qurarkən daimi gəlir mənbəyinin vacibliyini nəzərə almamışdı. Filip də oğlu kimi təbiətən iqtisadçı deyildi. Hər ikisi üçün sərvət əldə etməyin iki yolu vardı: ya onu torpaqdan çıxarmalıydılar, ya da özlərindən zəifləri soymalıydılar. M.ö. 356-cı ildə Filip qızıl mədənləri ilə zəngin olan Krenidi şəhərini ələ keçirdi və ona öz adını verdi. Çıxarılan qızılın sayəsində tezliklə Makedoniya xəzinəsi aşıb-daşdı. Filip ləngimədən öz adına qızıl pul kəsdirməyə başladı. Qazanılan vəsaitin çoxu peşəkar orduya xərclənirdi.
Bir sözlə, Filipin hakimiyyətdə olduğu müddətdə Makedoniya geridə qalmış bir ölkədən Elladanın ən güclü dövlətlərindən birinə çevrildi. Artıq onun sərhədlərini təhdid edən təhlükələr aradan qaldırılmışdı. Üstəlik, Filipin varisi doğulmuşdu. Təlim görmüş yeni ordu yaradılmış, bundan başqa, nəhayət ki, vassallar Argeadların başçılığını qəbul etmişdilər.
Filip ümid edirdi ki, Olimpiya oyunlarında qazanılan qələbə Makedoniyanın ellinlər və ən əvvəl də afinalılar arasında nüfuz qazanmasına xidmət edəcək. Bu yerdə bir məqamı qeyd edək: Filipin afinalılara münasibəti həmişə ziddiyyətli xarakter daşıyıb. Onların istehzalı demaqoqluğuna, ritorik çərənçiliyinə, intriqalarına nifrət bəsləyir, demokratiyanı isə, ümumiyyətlə, gülünc hesab eləyirdi. «Afinalılar, – Filip bir dəfə demişdi, – ildə meydana on sərkərdə çıxarırlar. Mən isə vur-tut bir sərkərdəni – Parmenionu kəşf etmişəm». Bununla belə, Filip afinalıları həmişə yüksək qiymətləndirib. Onların bəlağətli çıxışlarının çox vaxt səmimi vətənpərvərlik hisslərindən irəli gəldiyini, demokratiya şəraitində belə bəzən cəld və qətiyyətlə hərəkət edə bildiklərini qəbul edirdi. Filipin güclü Afina donanmasından qorxmağa haqqı var idi: Makedoniya heç vaxt dəniz dövləti olmamışdı. Bir sözlə, Afinaya qarşı dərin nifrətinə baxmayaraq, onların, az qala, əfsanəvi keçmişinə istər-istəməz hörmətlə yanaşırdı.
Nəhayət, elə bir zaman gəlib çatdı ki, Filip ona şöhrət gətirəcək istilalara hazır olduğunu hiss etdi. Ancaq vaxtından əvvəl həlak olması bu arzuların həyata keçməsinə imkan vermədi.
Varisin doğulması münasibəti ilə Filip arvadına təbrik yollayıb, zəfərlə paytaxta qayıtdı. Perdikkanın oğlu Amintanı taxt-tacdan əl çəkməsi üçün yola gətirmək elə də çətin olmadı. Ordu öz imtiyazından istifadə edib, xalqın alqış sədaları altında Filipi hökmdar elan etdi. Onun qəyyumluğu başa çatdı və yeni dövr başladı.
II FƏSİL
«Midas bağları»
Tarixi mənbələrdə İsgəndərin uşaqlığı ilə bağlı çox az məlumat var. Bu məlumatlara əsasən o, qeyri-adi bir uşaq, necə deyərlər, «yaşından böyük oğlan» olub. Danışırlar ki, İsgəndər yeddi yaşında, Filipin evdə olmadığı vaxt İran elçilərini qəbul edib. İran elçiləri Filipin sarayında sığınacaq tapan üç qiyamçının hökmdarları tərəfindən əfv edildikləri və geri çağırıldıqları xəbərini gətirmişdilər. Bu qiyamçılar misirli Menapiya, satrap Artabaz və yunan muzdlu qoşun başçısı Memnon idi. Qarşılıqlı xoş sözlərdən sonra İsgəndər əsl əks-kəşfiyyatçı kimi elçiləri sorğu-suala tutmağa başlayır. Onu İran ordusunun sayı və döyüş ruhu, Suz şəhərinə qədər olan məsafə, ora aparan yolların keyfiyyəti maraqlandırırdı. Qədim Roma dövründə yaşamış məşhur tarixçi və filosof Plutarxın sözlərinə görə, İsgəndərlə söhbət elçilərdə böyük təəssürat yaratmışdı. Əlbəttə, elçilər ona maraqlandığı məlumatları verməyə də bilərdilər. Maraqlıdır ki, sonralar Artabaz İsgəndərin Şərqdə satrapı, Memnon isə Kiçik Asiyada düşməni olacaqdı…
Filipin bütün siyasəti işğalçılıq üzərində qurulmuşdu. Miladdan öncə 384-322-ci illərdə yaşayan və qədim dünyanın ən məşhur natiqlərindən biri kimi ad çıxarmış Demosfen onun karyerasını belə təsvir edirdi: «Sizlərdən kimsə Filipin uğurlarını, onun zəiflikdən güclənməyə doğru gedən həyat yolunu diqqətlə izləyibmi? Əvvəl Amfipolisi, sonra Pidna və Potidayeni işğal etdi. Nəhayət, Metonun növbəsi çatdı, ardınca da Fessaliyaya, Trakiyaya yürüş etdi. Yerli hakimləri devirib, yerinə öz adamlarını qoydu. Sonra xəstələndi, ancaq sağalan kimi Olinfə yürüş etdi. Hələ İlliriya və Peoniya ilə, hökmdar Arriblə xırda müharibələri hesaba almırıq».
İsgəndərin atasına münasibəti mürəkkəb və ziddiyyətli idi; ürəyində atasına qarşı həm heyranlıq vardı, həm də onu bir rəqib gözündə görürdü. Atasının yolunu getsə də, heç nədə ondan geri qalmaq istəmir, hətta onu keçmək ehtirası ilə yaşayırdı. Uşaq vaxtı özünü guya anasının nəslindən olan Axillesə oxşadırdı. Ata tərəfdən isə İsgəndərin şəcərəsi Herakla gedib çıxırdı. Qədimdə bu cür genealogiyaya[7 - Genealogiya (yun. genea – ailə, nəsil, logos – söz, elm) – nəsillərin tarixini, insanların qohumluq əlaqələrini, nələrinsə, yaxud kimlərinsə mənşəyini öyrənən, həmçinin, şəcərələrin tərtibi ilə məşğul olan elm sahəsi] necə ciddi münasibət bəsləndiyini qiymətləndirməmək böyük səhv olardı. Qəhrəmanlıq mifləri yunanlar və makedoniyalılar üçün siyasətçilərin, ümumiyyətlə, mübahisə həvəskarlarının vaxtaşırı müraciət etdiyi qaçılmaz reallıq idi. Bunsuz onlara, sadəcə, qulaq asmazdılar. İsgəndərin müəllimləri barədə tarixdən bəzi şeylər məlumdur, ancaq ona nəyi, necə öyrətdiklərini bilmək mümkün deyil. Onun dayəsinin adı Lanis olub. Dayəsinin qardaşı Klit, deyilənə görə, Qranik yaxınlığındakı döyüşdə Makedoniyalı İsgəndərin həyatını xilas edib, ancaq çox illər sonra elə onun tərəfindən də Səmərqənddə sərxoş vəziyyətdə mübahisə elədikləri vaxt öldürülüb. İsgəndərin ilk müəllimi anası Olimpiadanın qohumu, gələcək sərkərdənin fiziki inkişafında böyük rol oynamış sərt xasiyyətli Leonid idi. İsgəndər xatırlayırdı ki, Leonidin fikrincə, ən yaxşı səhər yeməyi gecə yürüşü, ən yaxşı şam yeməyi isə – yüngül səhər yeməyi idi. Uşaq vaxtı bu cür nizam-intizam onu əsəbiləşdirsə də, Leonidin məşqləri sərkərdə kimi yetişməsində az rol oynamamışdı. Təsadüfi deyil ki, sonralar İsgəndərin fiziki baxımdan dözümlülüyü, hərbi yürüşlərdə göstərdiyi əzmkarlıq dildən-dilə keçərək əfsanələrə çevrildi.
İsgəndərlə müəllimi arasındakı münasibəti göstərən bir əhvalata indiyə qədər lazımi əhəmiyyət verilməyib. Deyilənə görə, bir dəfə gənc şahzadə qurbangahdakı oda hökmdar səxavəti ilə iki ovuc ətirli maddə atdığı üçün müəllimi tərəfindən danlanıb. Leonid istehza ilə deyib: «Ədviyyatla zəngin ölkələri istila edəndə ətirli maddələrdən istədiyin kimi istifadə edə bilərsən, indi isə onların qədrini bil». Çox illər sonra Makedoniyalı İsgəndər Orta Şərqdə əsas ədviyyat mənbəyi olan Qəzzanı işğal edir. Həmişə olduğu kimi evə – ana və bacısına hədiyyələr göndərir, ancaq bu dəfə Leonidi də unutmur. Deyilənə görə, «uşağın ürəyində ümid işığı yandırdığına görə» qocaya 18 ton ədviyyat, buxur[8 - Buxur – yandırılanda ətir saçan qatran] və mirra[9 - Mirra – Afrikada bitən burserkimilər fəsiləsindən olan ağaclardan toplanan saqqız qətranı] gətirirlər. İsgəndərin xarakterinə yaxşı bələd olmaq üçün bu hekayə bizə çox şey deyir. Kimsə onun xətrinə dəyirdisə, gec-tez bunun peşmançılığını çəkməli olurdu. O heç nəyi unutmur və nadir hallarda həmin adamı bağışlayırdı.
Gənc İsgəndər musiqi dərsi almışdı (qədim yunan simli musiqi aləti olan liranı daha çox xoşlayırdı), oxuyub-yazmağı bilirdi. Xüsusi müəllimlər ona qılınc oynatmağı, ox, nizə atmağı da öyrətmişdilər. Makedoniyalı əsilzadələrin əksər uşaqları kimi, az qala, ayaq açmamışdan at minməyi bacarırdı. İsgəndərin at sürməyi ilə bağlı maraqlı bir əhvalat danışırlar. Onun təxminən on yaşı olanda fessaliyalı atabaxan Filonik qarşıdan gələn Olimpiya oyunları ilə əlaqədar Filipə baha qiymətə at təklif edir. Zil qara atın qaşqasında Filonikin ağ damğası vardı, atın adı isə Busefal idi. Təklif olunan qiymətə dəyməsi üçün ayğır gərək yeddi yaşına çatmış olaydı. Filip atı sınaqdan keçirməkdən ötrü dostları ilə düzənliyə enir. İsgəndər də onlarla gedir. Tezliklə atabaxanlar atı cilovlaya bilmədiklərini xəbər verirlər. Filip hirslənib Filonikə deyir ki, atını geri aparsın. Bunu eşidən İsgəndər dözmür: «Gör necə ayğırı əldən verirlər, – deyə qışqırır, – bircə ona görə ki, atı cilovlamağı bacarmırlar». Filip maraqla səkkiz yaşlı oğlunu süzür: «Nədir, sən böyüklərdən çox bilirsən?! Qoy elə olsun, ancaq atın öhdəsindən gələ bilməsən, bu lovğalığının cəzası nə olacaq?» Cavab özünü çox gözlətmir: «Atın pulunu ödəyəcəm». Hökmdar və ətrafındakılar uşağın sözlərinə gülüşürlər. İsgəndər qaçıb Busefalın yüyənindən tutaraq atın başını günəşə tərəf döndərir. Uşaq atın öz kölgəsindən ürkdüyünü hiss eləmişdi. İsgəndər atın böyründə bir az dayanır, sakitləşdirmək üçün heyvanı sığallayır, sonra kürkünü yerə atıb, onu sonralar da başqalarından fərqləndirən bir cəldliklə Busefalın belinə sıçrayır. Əvvəl yüyəni dartır, ardınca yüyəni boşaldanda at yerindən götürülür. Plutarxın yazdığına görə, Filip və ətrafındakı adamların «həyəcandan matı-mutu quruyur». İsgəndər atı geri çapıb gələndə Filip zarafatla deyir: «Özünə başqa səltənət axtarmalı olacaqsan, Makedoniya sənə darlıq edəcək». Bu zaman Filipin sadiq dostu Korinfli Demarat çıxarıb atın pulunu ödəyir, sonra da Busefalı balaca İsgəndərə bağışlayır. Həmin gündən atla uşaq, demək olar, bir-birlərindən ayrılmırlar. Sonralar İsgəndər öz şanlı döyüşlərinin çoxunda Busefalla birlikdə iştirak edəcəkdi.
M.ö. 348-ci ildə Filipin mühasirəyə aldığı Olinf şəhəri süqut etdi. Daxili problemlərinə başları qarışan afinalılar Olinfə həddindən artıq gec kömək göndərdilər. Afinada dövrünün nüfuzlu siyasi xadimlərindən olan Esxin Filipin qəddarlığını və mənsəbpərəstliyini lənətlədi, di gəl, onun yunan şəhərlərini Makedoniya əleyhinə qaldırmaq cəhdləri heç bir nəticə vermədi. Afinalılar öz vicdanlarını olinfli qaçqınları qəbul etməklə sakitləşdirdilər və uzun danışıqlardan sonra Pellaya sülh elçiləri yolladılar.
Makedoniya tezliklə Balkan yarımadasında ən qüdrətli dövlətə çevrildi. Məhz onda Afina natiqi İsokrat «Filip haqqında dastan»ında ellinliləri Makedoniya hökmdarının başçılığıyla İrana qarşı yürüşə çağırdı. İsokrat öz nitqində persləri «qorxaq» adlandırır, onların vuruşa bilmədiklərini, özlərinin də az qüvvə ilə guya böyük qənimət əldə edə biləcəklərini qeyd eləyirdi. Həmçinin insanların xoşbəxtliyi naminə Heraklın Troyaya qarşı apardığı müharibəni yada salırdı. Herakl isə Filipin əcdadı sayılırdı, İsokrat onu elə bu cür də qiymətləndirirdi. Afinada bu cür nüfuzlu şəxsin onun əsil-nəcabətinin Herakla bağlılığını təsdiqləməsi Filipə xoş idi.
İran şahı III Artakserksı «Qədim Şərqin ən böyük, Əhəmənilərin[10 - Əhəmənilər sülaləsi – Eramızdan əvvəl 558-330-cu illərdə İranda iqtidarda olmuş xanədan] isə ən əzazil hökmdarı» adlandırırdılar. Onun qəddarlığı bəzi təbəələrini qiyama sövq etmiş, çoxları isə ölkədən qaçıb getmişdi. Təbəələrin bəziləri Əhəmənilər ilə mübarizədə öz ümidini gənc və qüdrətli Makedoniya hökmdarına bağlayırdı. Filip isə onları fikrindən daşındırmağa çalışmır, eyni zamanda, bölgədə müttəfiqlər qazanmağa cəhd göstərir, məsələn, Atarnaya başçılıq edən Hermey kimi yarımmüstəqil hökmdarlara gizlicə yardım eləyirdi.
Həmin vaxt Hermeyin ən yaxın adamlarından biri Filipin diqqətini özünə cəlb etdi: bu adam Platonun Akademiyasında oxumuş, Hermeyin saray filosofu olmuşdu və saray həkimi Amintanın oğlu idi. Uzundraz, keçəl, xırda gözlü biri idi, yöndəmsiz görkəminin gözə çarpmaması üçün ədabaz kimi geyinməyə çalışırdı. Barmaqlarını çox sayda üzüklər bəzəyirdi. Onun adı Aristotel idi. Təxminən bir il sonra Aristotel yaxşı məvacib qarşılığında Filipdən oğlu İsgəndərin müəllimi olmaq təklifini aldı. Uşağın on üç yaşı var idi və ona yaxşı müəllim lazımdı. Aristotel bu məsuliyyətli işə tərəddüd etmədən razılıq verdi.
Həmin vaxt İsgəndər artıq orta boylu, əzələli bir oğlandı. Uzun saçlarını çox vaxt şir yalı ilə müqayisə edirdilər. Gözlərinin biri mavi, digəri qonur idi. Həyəcanlananda səsi sərtləşir, gurlaşırdı. Yeriyəndə başını dik tuturdu. Filip düşünürdü ki, paytaxt gənc şahzadənin yeri deyil: bir yandan saraydaxili intriqalar, bir yandan da arvadı Olimpiadanın bezikdirici təsiri İsgəndərin parlaq gələcəyini təhlükə altına ata bilərdi. Ali təhsil isə sakit şərait tələb edirdi. Ona görə Filip Aristotelə öz üzümlükləri və bağları ilə məşhur olan «Midas bağları»nı təklif etdi.
Oğlunun səylə oxuması, Aristotelin dediklərini qavramağa çalışması Filipin xoşuna gəlirdi. «Ola bilsin, – atası deyirdi, – sən mənim səhvlərimin çoxunu təkrar etməyəcəksən». Atasının ayrı-ayrı arvadlardan çoxlu uşağı vardı, odur ki, varislik məsələsi İsgəndəri narahat eləyirdi. Oğlunun narahatlığını anlayan Filip ona sərt cavab vermişdi: «Əgər hakimiyyət uğrunda mübarizədə rəqiblərin olacaqsa, sübut elə ki, ən layiqlisi sənsən. Onda taxt-taca görə mənə yox, özünə borclu olarsan».
Aristotel inanırdı ki, köləliyi təbii qəbul eləmək lazımdır, bütün «barbarlar (yunan olmayanlar) anadan kölə doğulublar», ona görə də yunanların barbarlara, o cümlədən, İrana hökm etməsi düzgün hesab edilməlidir. Aristotelin İsgəndərə verdiyi məsləhətlərin birində deyilirdi: «Ellinlər üçün rəhbər, barbarlar üçün zalım ol; birincilərlə doğmaların, dostların kimi rəftar et, ikinciləri isə heyvan gözündə gör». Burada Aristotel ellin mədəniyyətinin ənənələrindən çıxış edirdi və İsgəndər bu irqçi baxışı səmimiyyətlə bölüşürdü. Barbarlar nifrətəlayiq hesab olunurdular, çünki onlar «öz hisslərinin və duyğularının əsiri idilər».
Aristotelin ellinlər və barbarlarla necə davranmaq haqqında məsləhətlərindən çıxış edən İsgəndər hesab edirdi ki, bu öyüdləri asanlıqla həyata keçirmək olar. Ellinləri özünə bərabər tutmalı və onların müstəqillik hisslərinə hörmətlə yanaşmalısan. Barbarlarla isə yalnız sərt avtoritarizm dilində danışmaq lazımdır.
İsgəndər müəlliminin sevimli fənləri olan tibbə, biologiyaya maraq göstərir, şairləri, ilk növbədə Homeri oxuyub müzakirə eləyir, coğrafiya, astronomiya və ritorikanın əsaslarını, ən əvvəl də mübahisə etmək məharətini və əşyaya müxtəlif tərəflərdən baxmağı (evristika) öyrənirdi. Bir sözlə, İsgəndər həvəslə çalışırdı. Gün gələcək, Aristotelin keçdiyi dərslərin onun həyatında həlledici rol oynadığı öz təsdiqini tapacaqdı…
İsgəndər «Midas Bağları»nda üç il qaldı və həmin vaxt Makedoniyanın Yunanıstan, xüsusilə də Afina ilə münasibətləri tamam pozuldu. Filip afinalıları Dardanel boğazında dəniz quldurluğunu himayə etməkdə günahlandırırdı; Demosfen isə qorxurdu ki, Filip əvəz çıxmaq üçün Afinanın Bosfora çıxışını kəsər. Bu isə ciddi iqtisadi və ticari böhran demək idi. Ona görə də Demosfen özünə xas qızğınlıqla həyəcan təbili çalmağa başladı. Məşhur natiqin təkidi ilə Yunanıstanda yeni antimakedoniya ittifaqı yaradıldı. Bizans da Afina ittifaqına qoşuldu, ən əsası isə, hətta İran hökmdarı ilə də ittifaq quruldu. İran şahı III Artakserks nəinki Makedoniyaya qarşı açıq çıxış eləyirdi, həm də bu məsələdə bitərəf qalan ölkələri də rüşvət hesabına Makedoniyanın əleyhinə qaldırırdı.
Nəticədə, Filip öz hökmdarlığı dövründə, bəlkə də, ən böyük böhranla üzləşdi. O, həmişəki cəldlik və qətiyyətlə hərəkətə keçdi: Bizansa afinalı dəniz quldurlarına qarşı birlikdə vuruşmağı təklif etdi, lakin rədd cavabı aldı. Bundan sonra özünün yeni yaradılmış donanmasını hazır vəziyyətə gətirdi. İsgəndər Pelladan geri çağrılıb qəyyum, təcrübəli Antipatr isə ona məsləhətçi təyin edilir.
III FƏSİL
Filippion niyə ucaldılmışdı?
Beləliklə, İsgəndərin məktəb həyatı başa çatdı. İndi gənc şahzadəni qarşıda olduqca çətin və məsuliyyətli günlər gözləyirdi.
Filip Bizansa hərbi yürüşə çıxmağa macal tapmamış, Trakiya və Peoniyanın sərhədlərində yaşayan tayfalar arasında üsyan baş qaldırdı. İsgəndər kiçik bir qoşunla şimala yollanıb, üsyançıları darmadağın etdi, onların şəhərini tutdu və oranı Makedoniyanın hərbi forpostu[11 - Forpost – başqa sözlə avanpost, ön mövqe tutan, nəyinsə və kiminsə dayaq, güvənc yeri] elan etdi. O, yeni məntəqəni Aleksandrupolis adlandırdı. Bu, Filip üçün həyəcan siqnalı idi: aydın görünürdü ki, İsgəndərin hakimiyyət iddiası artıq qəyyumluğun hüdudları ilə məhdudlaşmır. Deməli, gec-tez ata ilə oğul arasında taxt-tac uğrunda ziddiyyətlər yarana bilərdi. Hələliksə onlar dost və silahdaş idilər. Filip tez-tez gənc qəyyumla məktublaşırdı. Plutarxın sözlərinə görə, «o, İsgəndərə nüfuzlu adamların arasında yaxşılığına, pisliyinə baxmadan dost qazanmağı, sonralar yaxşıların xidmətindən yararlanmağı, pislərdən isə hiyləgərcəsinə istifadə etməyi məsləhət görürdü».
Bir müddət sonra İsgəndərin nüfuzlu makedoniyalıları pulla öz tərəfinə çəkmək istəməsi xəbəri atasını əsəbiləşdirməyə başladı. Filip oğlundan soruşurdu: «Hardan ağlına gəldi ki, pulla ələ aldığın adam sənin dostun ola bilər?»
Miladdan öncə 339-cu ildə Filip daha çətin vəziyyətlə qarşı-qarşıya qaldı: yunan şəhərlərinə qarşı bir neçə il «parçala və hökm et» siyasətini uğurla həyata keçirsə də, indi həmin şəhərlərin hakimləri ona qarşı birləşmək ərəfəsində idilər. Halbuki Filip İranla müharibə eləmək istəyirdi; bu savaşda Afina, Fiv və Sparta könüllü və ya məcburi şəkildə onun tərəfində olmalıydı. Ancaq yunanlar Artakserkslə birləşmişdilər və əgər Filip tez hərəkət etməsəydi, qarşı tərəf onu qabaqlayıb Makedoniya torpaqlarına soxula bilərdi.
Filip düşmənlərinin gözlədiyindən də cəld davrandı: Makedoniya ordusu tezliklə Mərkəzi Elladaya çatdı. Ancaq ordunun buradan hara üz tutacağını heç kim əvvəlcədən deyə bilməzdi. Filip diplomatik bacarığını işə salıb, ellinlilərin sayıqlığını itirməsinə çalışır, həqiqi məqsədini onlardan gizlədir, Afina və Fiv kimi iki qüdrətli şəhərin birləşməsinə imkan verməmək üçün elçilərini ora göndərirdi. Filip, xüsusilə Afina ilə hər şeyi sülh yolu ilə həll edəcəyinə ümidini hələ də itirməmişdi. Bu şəhərlə ittifaq həm şərəfli, həm də ciddi əhəmiyyətə malik idi. Bu ittifaq Filipə hələ mövqeyini müəyyənləşdirməmiş bəzi dövlətləri öz tərəfinə çəkməyə imkan verərdi. Əgər buna nail olmasa, Afina qoşunu ilə döyüşə girmək, bütün dünyanın gözü qarşısında onları məğlub etmək lazım gələcəkdi.
Bir sentyabr axşamı Afinadakı xalq yığıncağının təlaşa düşmüş üzvləri eşitdilər ki, Filip əvvəlcədən planlaşdırdığı kimi Amfissanı mühasirəyə almaq əvəzinə, Fivlə Attikanı birləşdirən yolda əsas məntəqə olan Elateyanı tutub.
Məhz belə bir məqamda Filipin qorxduğu baş verdi və Demosfen afinalıların gözündə qəhrəmana çevrildi: məşhur natiq öz nüfuzundan istifadə edib Afina ilə Fiv arasında ittifaqa nail oldu. Yeni müttəfiqlər Mərkəzi Yunanıstana gələn yolların müdafiəsini möhkəmləndirməyə başladılar. Afinalılar dənizdə Filipdən güclü idilər. Demosfen isə makedoniyalıların hücumunun qarşısını qurudan almağı təklif etdi. Bu da Filipi tamamilə qane edirdi. İndi yunanları hansı yollasa öz müdafiə mövqelərindən aldadıb çıxarmaq və döyüşə çəkmək qalırdı. Sonra atlı qoşun və falanqalar[12 - Falanqa – Qədim Yunanıstan, Makedoniya və Romada ağır silahlı piyadaların (hoplitlərin) sıx səflər şəklində xətti döyüş düzümü forması] öz işlərini görəcəkdilər. Filip qərbdəki yunan muzdlularına yalan məlumat göndərdi ki, guya Trakiyada üsyan qaldırıldığına görə qoşununu geri çəkir. Bundan sonra yunanlar sayıqlıqlarını itirdilər, Filip isə gecə qəfil hücum edib onları məğlubiyyətə uğratdı. Yunan ordusunun qalıqları dağ keçidlərindən geri çəkilib, müdafiə xəttini Xeroneyada qurdular. Qüvvələr nisbəti, demək olar, bərabər idi. Bu şəraitdə Filip danışıqlara girmək üçün daha bir cəhd etdi, ancaq Demosfen bu barədə eşitmək belə istəmirdi. M.ö. 338-ci ildə iki ordu qədim tarixin ən böyük döyüşlərindən birində üz-üzə gəldi. Filip yeganə ciddi düşməninin fivlilər olduğunu bilirdi. Onlar əvvəllər faktiki olaraq müttəfiq olmuşdular. Fivlilərin qoşunu makedoniyalılardan heç də pis təlim keçməmiş təcrübəli döyüşçülərdən təşkil edilmişdi.
Filip döyüş zamanı sağ cinaha rəhbərliyi öz üzərinə götürdü. Mərkəzə falanqanı yerləşdirdi, sol cinahdakı atlı qoşuna rəhbərliyi isə İsgəndərə tapşırdı. Bu, on səkkiz yaşlı bir gənc üçün çox böyük məsuliyyət idi.
Filipin güman etdiyi kimi də oldu: afinalılar əvvəlcə çox həvəslə hücuma keçdilər. Makedoniya qoşunlarının geri çəkildiyini görəndə, Afina sərkərdəsi Stratokl cuşa gəlib qışqırmağa başladı: «İrəli! Onları Makedoniyaya qədər qovaq!»
Ancaq Filipin «geri çəkilməyi» heç də qorxudan deyildi, bunun arxasında hiyləgərcəsinə düşünülmüş plan dayanırdı. Belə ki, afinalılar qışqıraraq irəli atıldılar, bu isə Filipin ürəyincə idi. Elə ki makedoniyalılar Qemus («qanlı» deməkdir) çayının sahilinəcən nizami şəkildə geri çəkildilər, onları təqib edən yunan və Fiv alayı bir-birindən uzaq düşməyə başladı. Gənc şahzadə İsgəndər işi belə görüb, atlı qoşunla Fiv ordusunun lap mərkəzinə soxuldu, həmin vaxt başqa süvari hissə isə cinahlardan hücuma keçdi. Beləliklə, fivlilər mühasirəyə düşdülər, Filip isə «geri çəkilmə»ni dayandırıb, çayın hündür sahilindən əks-hücuma keçdi. Atlı qoşunun başladığı işi falanqa sona çatdırdı. Qızğın döyüşdən sonra fivlilərin «müqəddəs dəstə» adlandırdığı üç yüz nəfərlik qoşundan başqa, yunanların qalan müttəfiqləri qaçmağa başladılar. Üç yüz spartalı kimi, bu üç yüz fivli də döyüş meydanında vuruşaraq həlak oldu (yalnız 46 döyüşçü əsir götürülmüşdü). Onların dəfn edildiyi yer çox sonradan, qazıntılar zamanı aşkar edildi. Həmin yerdə keşikçi kimi hələ də Xeroneya şirinin heykəli dayanır.
Döyüş qələbə ilə bitəndən sonra Filip tanrılara qurban kəsdi, igidliyə görə sərkərdələrinin və əsgərlərinin çoxunu mükafatlandırdı. İndi Elladanın gələcəyi onun əlində idi, ancaq Filip bilirdi ki, qələbədən sonra da Afina ona müxtəlif problemlər yarada bilər. Doğrudan da, bir gün sonra Xeroneyaya xəbər çatdı ki, afinalılar qulları və sadə camaatı silahlandırıb, öz şəhərlərini sona qədər müdafiə etməyə hazırlaşırlar. Bu xəbər Filipi narahat elədi. Məsələ burasındadır ki, quru qoşunları ilə müqayisədə Afina donanması öz döyüş qabiliyyətini tamamilə qoruyub saxlamışdı. Bu səbəbdən də Xeroneyadakı qələbəyə baxmayaraq, Filip ehtiyatlı davranmaqda haqlı idi. Onun Afinaya təklif etdiyi sülh şərtləri qarşı tərəf üçün çox əlverişli idi: həlak olan döyüşçülərin cəsədləri dəfn olunmaq üçün Afinaya qaytarılır, 2000 əsir pul alınmadan buraxılırdı. Bundan başqa, Filip Attikanın dəniz və quru sərhədlərinin toxunulmazlığına zəmanət verirdi. Afina Egey dənizindəki bəzi adalar üzərində nəzarəti də əlində saxlayacaqdı. Bunun əvəzində isə onlar Makedoniyanın müttəfiqi olacaqlarına dair öhdəlik götürməliydilər.
Afina rəhbərləri Filipin şərtlərini qeyd-şərtsiz qəbul etdilər. Başqa yolları da yox idi: indi onlar yalnız Makedoniya hökmdarının mərhəmətinə bel bağlaya bilərdilər. Hər halda, afinalılar fivlilərlə müqayisədə daha yaxşı şərtlər əsasında sülh anlaşması imzaladıqlarına görə təsəlli tapa bilərdilər…
Mərkəzi Yunanıstanda möhkəmlənmək üçün Filip Fiv şəhər-dövlətini tamamilə məhv etməli idi. Bu məqsədlə Fivdə oyuncaq hökumət quruldu və orada Makedoniya qarnizonu yerləşdirildi. Afinalılardan fərqli olaraq, fivli əsirlər pul müqabilində azadlığa buraxıldı. Filip lazım gələndə alicənab olmağı bacarırdı, elə bu səbəbdən də «müqəddəs dəstə»yə abidə qoyulmasına etiraz etmədi. Özü döyüşçü olduğundan, igid düşmən əsgərlərinə hörmətlə yanaşırdı.
Beləliklə, yunan dövlətlərində əvvəlki müstəqilliyin yalnız kölgəsi qalmışdı. Filip öz böyük qələbəsini əbədiləşdirmək üçün Olimpdə Filippion adlandırılan dairəvi bina ucaltdı. Orada Filipin, atası Amintanın, anası Evridikanın və oğlu İsgəndərin heykəltəraş Leokarın qızıl və fil sümüyündən düzəltdiyi heykəlləri var. Bunda məqsədi nə idi? Filip sülalə hakimiyyəti yaratmaq istəyirdi, bu yöndə ilk addım da məhz Filippion sayıla bilər. Çünki Filippion tikiləndən sonra məlum oldu ki, Filipin hakimiyyətin ötürülməsi planı təxminən iyirmi ildir dəyişməz qalıb: onun əsas varisi İsgəndərdir! Heykəllərdən birinin gənc şahzadəyə qoyulmasının başqa izahı ola bilməzdi…
Xeroneya yaxınlığındakı döyüşdən sonra
Təxminən həmin vaxtlarda İran hökmdarı III Artakserks özünün baş vəziri Baqoas tərəfindən öldürüldü. İranda qarışıqlıq yaranmışdı, paytaxtda qanlı intriqalar baş alıb gedirdi. Rəqiblərin bir-birini öldürərək sıradan çıxarmağa çalışdığı bir vaxtda, Baqoas hökmdarın kiçik oğlunu taxta çıxardı.
Bu hadisələr Filipin diqqətindən yayınmadı. O, Yunanıstanı özünə tabe etdikdən və İranda hakimiyyət zəiflədikdən sonra indi ancaq Asiyaya soxulmaq barədə düşünürdü. Bu o demək idi ki, İran hökmdarı I Daranın oğlu Kserksin 150 il əvvəl Yunanıstana hücumunun əvəzini çıxmaq üçün münbit zəmin yetişib. Filip öncə yunan şəhər-dövlətlərinin belə bir müharibədə iştirak etməyə nə qədər həvəsli olduğunu öyrənmək qərarına gəldi. O, xüsusilə Afinanın tutacağı mövqedən narahat idi.
Filip Afina ilə sülh əldə edildikdən sonra oraya elçilərini yolladı. Elçilər guya afinalı döyüşçülərin nəşini müşayiət eləyirdilər. Əslində isə məqsəd Afinanın aparıcı siyasi xadimlərilə görüşüb Filipin planları barədə müzakirə aparmaq idi. Elçilər arasında İsgəndər də vardı. Onlar Makedoniyanın rəhbərliyi altında İrana hücumla yanaşı, yunan şəhərləri arasında sülhün bərqərar olması və Ellin ittifaqının yaradılması kimi məsələləri də müzakirə etməliydilər.
Nəticədə Filip özünün sevimli «parçala və hökm et» prinsipinə sadiq qalaraq hər yunan şəhər-dövləti ilə ayrıca müqavilə bağladı. Yalnız Sparta bundan inadla boyun qaçırdı. Filip sülh bağlamaq üçün Korinfdə qurultay çağırdı və ora bircə spartalılar gəlmədilər. Qurultayda qaldırılan əsas məsələlər bunlar idi: yunan dövlətləri öz aralarında sülh bağlayır və federasiya – Ellin ittifaqı yaradırdılar. Eyni zamanda, Ellin ittifaqı Makedoniya ilə xüsusi ittifaq müqaviləsi bağlamalıydı. İttifaq Filipin varislərinin hakimiyyəti dövründə də öz mövcudluğunu qorumalı idi. Filip Ellin ittifaqının rəhbəri – hökmdarı sayılırdı. Bu vəzifə özündə ittifaq dövlətlərinin təhlükəsizliyini təmin etmək üçün hərbi və mülki hakimiyyəti birləşdirirdi. Formal olaraq hesab edilirdi ki, Şuranın qəbul etdiyi qərarları hökmdar həyata keçirməlidir. Ellinlilər kiminləsə müharibə aparanda, Makedoniyadan kömək istəyə bilərdilər, eyni zamanda hərbi yardıma ehtiyacı olduğu təqdirdə Filip də ittifaqın hərbi gücündən yararlanmaq hüququna malik idi. O, hərbi əməliyyatlar zamanı nəinki hökmdar, həm də ittifaqın bütün silahlı qüvvələrinin ali baş komandanı olacaqdı. Filip öz təkhakimiyyətliliyini nə qədər pərdələməyə çalışsa da, indi bütün ellinin hətta xarici siyasətini belə müəyyənləşdirə bilirdi. Bunu ittifaqa daxil olan dövlətlərin rəhbərləri çox yaxşı başa düşürdülər. Lakin etiraz edəcək vəziyyətdə deyildilər: Xeroneya döyüşündəki məğlubiyyətdən sonra buna məcbur idilər, lakin sonralar elə ilk fürsətdəcə onlar Makedoniya boyunduruğundan qurtulmağa çalışacaqdılar…
Qurultay bitdikdən sonra Filip Pellaya qayıtdı. Bundan bir qədər sonra isə Makedoniyada hakim sülalə daxilində nifaq baş qaldırdı. İxtilaf günbəgün gücləndi və dünənəcən hökmdarın hədsiz sevdiyi, inandığı əsas varisinin – ilk oğlu İsgəndərin saraydan uzaqlaşmasınacan böyüdü…
Məsələ burasındadır ki, Filip zadəgan nəslindən olan Kleopatra ilə evlənmək qərarına gəlmişdi. Belə ki, o, gözlənilməz şəkildə arvadı Olimpiadanı xəyanətdə təqsirləndirib özündən uzaqlaşdırdı. Bununla da belə şayiələr yayılmağa başladı ki, Olimpiada İsgəndəri Filipdən dünyaya gətirməyib, ona görə də onun qanuni varisi ola bilməz!
Filipin Kleopatra ilə toyu, gözlənildiyi kimi, olduqca gərgin keçdi. İsgəndər süfrədə öz fəxri yerini tutduqdan sonra atasına dedi: «Anam təzədən ərə gedəndə, səni onun toyuna dəvət edəcəyəm”. Bu da azmış kimi, məclisin sonunda yeni gəlinin yaxınlarından biri olan Attal ayağa qalxıb arzuladı ki, Filiplə Kleopatranın izdivacından taxt-tacın qanuni varisi doğulsun. Şərab beyinləri dumanlandırmışdı. Bu səbəbdən də Attalın dedikləri İsgəndəri lap cin atına mindirdi, o, hirslə yerindən sıçrayıb qışqırdı: «Nədir, məni qeyri-qanuni oğul sayırsan?!» – və əlindəki badəni Attalın sifətinə çırpdı. Hamıdan çox içmiş Filip qılıncını çəkib Attalın yox, İsgəndərin üstünə atıldı. Ancaq kefliliyi və axsaqlığı ucbatından (Trakiya döyüşündə ayağından yaralanmışdı) stula ilişib yıxıldı. «Görürsünüz, möhtərəm qonaqlar, – İsgəndər nifrətlə dedi, – Avropadan Asiyaya yürüş etmək istəyən adam heç stuldan-stula adlaya bilmir».
Bütün bu baş verənlər onunla nəticələndi ki, ertəsi gün anayla oğul ölkəni tərk etdilər. Bundan sonra onlar bəzi tayfaları Filipə qarşı qaldırmaq üçün xeyli tər tökdülər.
O ki qaldı hökmdarın davranışlarına, düzünü demək lazımdırsa, həmin hərəkətlərin hər hansı birini normal məntiqlə izah etmək çox çətindir. Bəziləri belə fikirləşir ki, Kleopatraya olan məhəbbətdən başını itirən Filip nə etdiyinin fərqində deyildi. Ola bilər. Lakin bir həqiqət dəyişməz qalır: hansı səbəblə olursa-olsun, hökmdarın nə arvadı Olimpiadanı, nə də iyirmi il öz varisi kimi hazırladığı İsgəndəri təhqir etməyə heç bir tutarlı əsası yox idi.
Bir çoxlarının fikrincə, Filipi özündən bu qədər çıxaran İsgəndərlə Olimpiadanın ona qarşı qəsd hazırladığı barədə deyilənlər olub. Əgər doğrudan da belədirsə, yəqin ki, İran üzərinə hücumu yubatması da elə bununla bağlı imiş: görünür, Filipin oğluna etibarı tamamən sarsılmışdı və bu səbəbdən də hakimiyyəti ona tapşırıb hərbi yürüşə çıxmağa tərəddüd edirdi… Üstəlik, sadiqliyindən şübhələndiyi adama Makedoniyada qalacaq hərbi qüvvələrin rəhbərliyini necə etibar edə bilərdi? Düzdür, tarix elmi yuxarıdakı fərziyyənin həqiqiliyini hələ ki sübuta yetirə bilməyib, bununla belə, fakt faktlığında qalır: Filip Olimpiadanı və İsgəndəri Kleopatraya qurban vermişdi…
Belə fikirlər də var ki, Olimpiada lap əvvəldən İsgəndəri hökmdar gözündə görürmüş. Bu, ata ilə oğul arasında söz-söhbətin yaranmasına səbəb olur, Olimpiada isə həmin vaxt daim İsgəndərin tərəfini saxlayırdı. İsgəndərlə atası arasında rəqabət Xeroneyadakı döyüşdən sonra lap qızışıbmış. Hətta belə fikir yayılıbmış ki, bu qələbənin memarı Filip yox, İsgəndərdir. Bu deyilənlər hökmdarın qulağına çatmaya və onu daha da qıcıqlandırmaya bilməzdi.
Olimpiada bir gün hökmdar olacağını uşaqlıqdan İsgəndərin beyninə yeritmişdi. Ancaq hökmdar olmaq üçün gərək şücaət göstərib qələbələr qazanaydın. İsgəndərin qarşısını isə atası kəsirdi. Filipin qırx altı yaşı vardı, gücü hələ aşıb-daşırdı, üstəlik, oğlundan daha şöhrətpərəst, daha təcrübəli idi. İrana qarşı yürüşdə qələbə qazanacağı təqdirdə əbədi şöhrətə İsgəndər yox, məhz o çatacaqdı…
İsgəndər həqiqətən atasını hakimiyyətdən kənarlaşdırmaq istəyibsə, bunun üçün ciddi səbəbləri olub. Ancaq dediyimiz kimi, bütün bunlar sadəcə fərziyyələrdir və yəqin ki, əsl həqiqəti biz bundan sonra da öyrənə bilməyəcəyik. Ola bilsin, saraydakı bəzi nüfuzlu şəxslərin gənc, dikbaş şahzadədən və onun hökmlü anasından bezməsi də ailədaxili nifaqı alovlandırmışdı. Onlar aranı qızışdırıb Olimpiada ilə İsgəndərdən canlarını qurtarmaq istəyə bilərdilər.
Beləliklə, ana ilə oğul sürgün həyatı yaşamağa başladılar, Filip isə bu zaman İran üzərinə hücumla bağlı ciddi hazırlıq işləri görürdü. Bir müddət sonra hökmdarın yeni arvadı Kleopatranın hamilə olduğu xəbəri yayıldı.
Lakin hadisələr heç kimin gözləmədiyi halda, qəfildən tamamilə başqa istiqamətdə cərəyan etməyə başladı…
İttifaqın hökmranı
Miladdan öncə 338–337-ci ilin qışında Ellin ittifaqı quruldu: yunan dövlətlərinin təmsilçiləri bir araya gələrək «əbədi sülh»ə imza atdılar. Hər şey Filipin planına uyğun gedirdi.
İttifaqa daxil olan dövlətlərin nümayəndələrinin qatıldığı ilk iclasdaca Filip hökmran seçildi. Bununla həm də avtomatik şəkildə İttifaq Şurasının sədri olan Filipin ilk imzaladığı qərar heç kim üçün gözlənilməz deyildi: o, bir zamanlar Kserksin müqəddəs yunan məbədlərini dağıtdığını əsas gətirərək intiqam məqsədilə İrana müharibə elan etdi! İttifaq üzvlərindən bu qərara qarşı çıxan olmadı.
Həmçinin, fərman verildi ki, indən belə İran taxt-tacına xidmət edən hər bir yunan satqın sayılır.
Belə bir vaxtda xəbər yayıldı ki, Misirdə İran hökmdarına qarşı qiyam baş qaldırıb. Bu xəbər, şübhəsiz ki, Filipi sevindirdi. Bu sevincə bircə şey kölgə salırdı: Kleopatra dünyaya körpə gətirdi, di gəl, yeni doğulan uşaq oğlan deyildi. Filip bundan özü üçün dərhal nəticə çıxardı: Makedoniyanı hamı tərəfindən qəbul edilən varissiz qoymaq təhlükəli idi, üstəlik, onun hakimiyyətinə qarşı bir sıra təhdidlər meydana çıxmışdı, bunların başında isə saraydan uzaqlaşdırdığı arvadı idi. Belə ki, Olimpiadanın qardaşı Epirdəki sarayında Filipə qarşı müxtəlif qisas planları üzərində baş sındırırdı. Belə bir vaxtda Asiyaya yürüşə çıxmaq olmazdı. Bircə yol qalırdı: İsgəndəri qaytarıb onun varislik hüququnu bərpa etmək! Filip özünün məharətli diplomatik gedişləri ilə bu müşkül məsələni yoluna qoymağı bacardı. O, İsgəndəri inandırdı ki, özündən sonra hakimiyyətdə məhz onu görür, bu səbəbdən də keçmişdə baş verənləri unutmaq lazımdır. Lakin Filip arvadının saraya qayıtmasını istəmədi, çünki Olimpiadanın İsgəndəri yenidən öz təsiri altına alacağından, beynini qara-qura fikirlərlə dolduracağından narahat idi. Beləliklə, Olimpiada Epirdə qaldı, İsgəndər isə Makedoniyaya qayıtdı. Lakin Filiplə oğlu arasında əvvəlki qarşılıqlı inam, etimad heç vaxt bərpa olunmadı…
Yunan şəhərlərinin «azad olunması»
Nəhayət, M.ö. 336-cı ilin yayında Filipin təşkil etdiyi 10 min nəfərdən ibarət ordu Kiçik Asiyaya soxuldu. Onun başlıca məqsədi İranın nəzarətindəki yunan şəhərlərinin azad olunması idi. Orduya Parmenion rəhbərlik edirdi. İlk vaxtlar hərbi yürüş olduqca uğurlu şəkildə davam edirdi, belə ki, Xios və Eritreya şəhərləri onun tərəfinə keçdilər. Parmenion Efesə yaxınlaşanda isə şəhər sakinləri üsyana qalxdılar, İranın hakim təyin etdiyi müstəbidi yıxaraq makedoniyalıları salamladılar. Onlar həm də M.ö. V yüzillikdə inşa edilmiş, qədim dünyanın yeddi möcüzəsindən biri sayılan Artemida məbədində Filipin heykəlini də qoydular. Bunu öz təşəbbüsləri, ya Filipin istəyilə etdiklərini demək çətindir, hər halda, həmin addım Makedoniya hökmdarının ürəyincə olmalı idi: axı o, rəhbərə sitayişi və pərəstişi vacib sayırdı!
Hadisələrin bu cür gedişi Filipi gələcəyə dair xeyli ümidləndirmişdi, üstəlik, İranda növbəti saray çevrilişi baş vermiş və şahın öldürülməsilə nəticələnmişdi. Bu dəfə də çevrilişdə həlledici rolu baş vəzir Baqoas oynamışdı. Sonuncu qətldən sonra faktiki olaraq Əhəmənilər sülaləsindən birbaşa varis qalmadı. Bu isə o demək idi ki, İranı yenə daxili ixtilaflar, qarmaqarışıqlıq gözləyir. Lakin belə gözləntilər özünü doğrultmadı: Baqoas taxta sülalənin yan şaxələrindən birinin nümayəndəsi olan Kodomanı əyləşdirdi. III Dara adı ilə taxta çıxan Kodomanın ilk işi isə Baqoasın başqalarına qarşı istifadə etdiyi zəhərlə elə onun özünü öldürmək oldu. Bununla da saray çəkişmələri bir müddət səngidi.
Həmin günlərdə Makedoniyanın qədim paytaxtı Eqada şıdırğı toy hazırlığı gedirdi. Belə ki, İsgəndərin bacısını ərə verirdilər, özü də dayısına – Epir çarına! Filip bu münasibətlə dəbdəbəli bayram düzəltmək, bir hökmdar kimi öz böyüklüyünü nümayiş etdirmək istəyirdi. Hazırlığın qızğın çağında Kleopatra bu dəfə oğlan uşağı dünyaya gətirdi. Sanki yeni dünyaya gələn varisin Makedoniya taxt-tacı üçün nə qədər önəmli olduğunu nəzərə çarpdırmaq üçün, Filip ona Argeadlar sülaləsinin əsasını qoyan əfsanəvi Karanın adını verdi.
Beləliklə, İsgəndərin başının üstünü yenidən qara buludlar aldı. Atasının vədinə baxmayaraq, o, hakimiyyətə gələ bilməyəcəyindən çəkinirdi. İndidən başına bir çarə qılmalı idi. Hökmdarın ətrafındakılardan isə yalnız Antipatr İsgəndərin potensial müttəfiqi ola bilərdi. Lakin bircə onun köməyi ilə nəyə nail olmaq mümkündü?
Belə bir vaxtda Filipin cidd-cəhdlə etiraz etməsinə baxmayaraq, Olimpiada Makedoniyaya qayıtdı. O, toya təşrif buyuran Epirdəki qohumlarla birgə geri dönmüşdü. Bu, İsgəndərin ürəyinə su səpdi: anasının ağlı və sərtliyi saray daxilində vəziyyəti onun xeyrinə dəyişə bilərdi. Toy münasibətilə təşkil edilən bayramın ikinci günü müxtəlif oyunlar keçirilməli idi. Səhər tezdən teatr ağzınacan dolu idi. Tamaşaçılar təntənəli mərasimi maraqla izləyirdilər. On iki tanrı heykəlinin arxasınca Filipin heykəli gətirilirdi. Ellindən gələn qonaqlar bunun boş yerə olmadığını başa düşmüşdülər. Filip artıq özünü tanrılarla bir sırada görməyə başlamışdı. Nəhayət, oğlunun və yeni kürəkəninin arasında Filipin özü də göründü. O, saray mühafizəçilərinə aralıdan getmələrini tapşırmışdı: bununla hər kəsə göstərmək istəyirdi ki, onu ellinlilərin duaları qoruyur, bu səbəbdən də silahlı əsgərlərin müdafiəsinə qətiyyən ehtiyacı yoxdur.
Hökmdar meydanın girişinə çatanda, gənc mühafizəçilərdən biri paltarının altından qısa qılıncını çıxarıb irəli atıldı və Filipin köksündən vuraraq elə oradaca öldürdü. Daha sonra qatil onu atların gözlədiyi şəhər darvazasına tərəf qaçdı. Bir anlığa hamı donub-qaldı, sonra bir dəstə makedoniyalı zadəgan gənc mühafizəçinin dalınca götürüldü. Qatil üzüm tənəyinə ilişib yıxıldı. Bu zaman təqib edənlər arxadan çatıb onu nizə ilə öldürdülər. Məlum oldu ki, Filipin qatilinin adı Pavsanidir.
Çoxları qətlin arxasında Filipin arvadı Olimpiadanın və oğlu İsgəndərin olduğunu güman edirdi. Bunun da səbəbi vardı: əksəriyyət düşünürdü ki, Kleopatranın yeni doğulan ikinci övladı – oğlu bir varis kimi İsgəndərin gələcəkdə taxt-taca yiyələnməsinə təhlükə yaradır. O da maraqlıdır ki, Pavsanini təqib edib öldürən zadəganlar İsgəndərin dostları idilər. Qatili məhz onların aradan götürməsi çoxluğun şübhələrini bir az da qüvvətləndirmişdi: necə olsa da, həddindən artıq çox şey bilən Pavsaninin ölümü ən çox İsgəndər və yoldaşlarının işinə yarayırdı…
Təbii ki, İsgəndər taxta çıxan kimi atasının qətlində məhz onun günahkar olduğuna dair söz-söhbətlərin də arası kəsildi. Necə deyərlər: «Kral öldü – yaşasın kral!»
IV FƏSİL
Hökmranlığın açarı
Filipin dəfnindən sonra Makedoniya ordusunun rəhbərliyi İsgəndəri dərhal hökmdar elan etdi. Əlbəttə, taxt-taca ən azından iki namizəd daha var idi – Filipin kürəkəni Aminta və Kleopatranın körpə oğlu Karan. Ancaq onlar həmin vaxt yeni hökmdar üçün ciddi təhlükə yaratmırdılar. Aminta taxt-tac hərisi deyildi, yeni doğulmuş uşağı taxtda oturtmaq isə həm də ona qəyyum təyin edilməsi demək idi, bunu isə heç kim istəmirdi.
İsgəndər hakimiyyətini gücləndirməyə potensial rəqiblərini «təmizləməkdən» başlasaydı, bu, nə Makedoniya daxilində, nə də onun hüdudlarından kənarda yaxşı təəssürat yaratmayacaq, yeni hökmdarın nüfuzuna ilk gündəncə ağır zərbə vuracaqdı. Bu səbəbdən də o, Aminta ilə Karana hələlik toxunmamağı qərara aldı. Makedoniya xalqına müraciət edib bildirdi ki, yalnız hökmdarın adı dəyişib, ölkə isə atasının zamanında olduğu kimi uğurla idarə olunacaq. Ardınca isə o, Makedoniya əhalisini hərbi xidmətdən savayı hakimiyyət qarşısındakı bütün digər mükəlləfiyyətlərdən azad etdi. Bundan başqa, öz mövqeyini möhkəmlətmək üçün vaxtilə atası tərəfindən sürgün edilən dostlarını geri qaytarıb, onları yüksək dövlət vəzifələrinə təyin etdi.
Filipin qətli ilə bağlı xəbər təkcə yunan şəhərlərində deyil, digər qonşu ölkələrdə də böyük səs-küyə və həyəcana səbəb oldu. Bəzi şəhərlər, məsələn, Arqos və Sparta yaranmış vəziyyətdən özlərinin itirilmiş müstəqilliklərini qaytarmaq üçün istifadə etmək fikrinə düşdülər. Filipin hərbi dəstələri Ambrakiya və Fivdən çıxarıldı. Fivlilər və arkadiyalılar İsgəndərin hökmranlığını qəbul etməkdən boyun qaçırdılar. Ən pisi isə o idi ki, Makedoniyanın Afinadakı düşmənləri əməlli-başlı sevinc içində idilər. Filipin ölümü orada, az qala, bayram kimi qarşılandı. Bu münasibətlə tanrıların şərəfinə minnətdarlıq qurbanları kəsildi. Afinalılar indi Makedoniyanın yeni hökmdarına qarşı mübarizə yollarını axtarırdılar. Ən ağlabatan iş Kleopatranın tərəfini tutan zadəganlarla ittifaq qurmaq idi. Demosfen tezliklə Afina xalq yığıncağı adından qüdrətli sərkərdələrdən Parmeniona və Attala məktub yazıb onları İsgəndərə qarşı müharibə elan etməyə həvəsləndirir, onu «təcrübəsiz» və «sarsaq» adlandırırdı. Lakin İsgəndər öz əməlləri ilə Demosfen və tərəfdarlarını yanıltdı, yaxşı siyasətçi olduğunu əyani şəkildə göstərdi. O, dərhal başa düşmüşdü ki, hakimiyyətinin potensial düşmənləri Asiyaya hərbi səfərlərə göndərilmiş qoşun rəhbərləri, xüsusən də, Attal ola bilər. Buna görə də sınanmış dostu Hekatayı çox keçmədən Parmenionun qərargahına göndərdi ki, əgər mümkünsə, Attalı sağ-salamat onun hüzuruna gətirsin, bu mümkün deyilsə, bacardıqca tez bir zamanda onu öldürsün.
Digər yandan, Antipatr başda olmaqla, İsgəndərin məsləhətçiləri onu ehtiyatlı olmağa, yunan şəhərlərinə müstəqillik verməyə, diplomatik gedişlərlə, məsələn, müxtəlif siyasi və iqtisadi güzəştlər verməklə barbarların könlünü almağa çağırırdılar. Yeni hökmdar isə onlara belə cavab verirdi ki, azacıq yumşaqlıq göstərsə, düşmənlər bundan cəsarətlənib üstünə yeriyəcəklər. İsgəndər deyirdi ki, məsələni «cəsarət və qətiyyət göstərərək» həll etmək niyyətindədir. Bundan sonra o, say-seçmə döyüşçülərdən ibarət qoşunu ilə paytaxtdan Fessaliyaya yola düşdü. Ordu Bababoğazı vadisinə çatanda düşmən ordusu tərəfindən keçidin tutulduğu məlum oldu. Fessaliyalılar tərəddüd içində idilər: bilmirdilər, İsgəndərin ordusunu keçiddən buraxsınlar, ya yox…
İşi belə görən gənc hökmdar öz ordusunun hərbi mühəndislərinə gizlicə əmr etdi ki, qarşılarını kəsən dağın dik yamacını qalxmaq üçün yol düzəltsinlər. Fessaliyalılar nə baş verdiyini anlayana qədər İsgəndər öz döyüşçüləri ilə dağı aşıb onların arxasına keçdi. Fessaliyalılar çarəsiz qalıb danışıqlara başladılar. Hökmdar «xoş sözlərin və səxavətli vədlərin köməyi ilə» onları yola gətirməyi bacardı, beləliklə, Fessaliya tayfalarından ibarət ittifaqın ömürlük rəhbəri seçildi. Fessaliyalıların iri süvari ordusu da İsgəndərin nəzarətinə keçdi.
İsgəndər vaxtı boş yerə itirmirdi. Yunanlar onun bu uğurlu manevrindən xəbər tutana qədər gənc hökmdar xeyli irəliləmişdi. İndi onu yalnız Fivlə münasibətləri yoluna qoymaq düşündürürdü. Mərkəzi Yunanıstanın bu qüdrətli şəhəri ilə dostluq Makedoniya hökmdarı üçün çox vacib idi, ancaq fivlilər bundan inadla boyun qaçırırdılar. Nəticədə bir gün onlar yuxudan oyanıb Makedoniya ordusunun şəhər yaxınlığında döyüşə hazır vəziyyətdə dayandığını gördülər və əməllicə heyrətləndilər. İsgəndərin tələbi sadə idi: Ellin ittifaqının başçısı seçilməsinə razılıq verilsin!
Fivlilər say-seçmə döyüşçülərdən ibarət Makedoniya ordusuna müqavimət göstərməyin mənasızlığını başa düşüb danışıqsız təslim oldular. Bundan sonra Fivdən vur-tut qırx mil[13 - Mil – uzunluq vahidi, 1 mil – 1,6 kilometrə bərabərdir.] uzaqda yerləşən Afinada ciddi çaxnaşma başladı. Şəhər kənarında yaşayan afinalılar öz mal-mülklərini şəhərə daşıyıb, onun divarlarını möhkəmləndirməyə girişdilər. Lakin tezliklə bunun bir faydası olmayacağını anladılar və İsgəndərin şərtlərini onlar da qəbul etdilər. Makedoniya ordusunun tufan kimi Yunanıstandan keçdiyini eşidən Attal gənc hökmdarı devirmək barədə gizli planlarından əl çəkib, öz başına çarə qılmaq barədə düşünməyə başladı. Axırda İsgəndərə sadiqliyini sübut etmək üçün Demosfenin ona yazdığı bütün məktubları Makedoniya hökmdarına yolladı. Əslində isə bu, mənasız cəhd idi: hamının yanında İsgəndəri təhqir edən, onun Filipin qanuni oğlu olmasını şübhə altına alan Attal indi qarşı tərəfin mərhəmətinə boş yerə ümid bəsləyirdi. Bunu zamanında dərk etməməsi Attalın böyük səhvi idi, çünki Parmenion artıq İsgəndərin tərəfinə keçmiş, gənc hökmdara qarşı müxalifətdə olanların aradan götürülməsinə razılaşmışdı. Yeri gəlmişkən, Parmenion bu razılığın əvəzində İsgəndərin qarşısında müəyyən şərtlər irəli sürmüş, həmin şərtlər də qəbul edilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün İsgəndərin elə də çox vaxtı yox idi, ona görə də Parmenionla çənə döyməyə gərək görməmişdi. Hər halda, Parmenion öz tərəfdaşlarını yeni hökmdarın ətrafında cəmləşməyə razı sala bilsəydi, çətin ki, kimsə İsgəndərə qarşı çıxmağa cəsarət edəydi.
Bunu yaxşı başa düşən Makedoniya hökmdarının heç bir tərəddüdsüz Parmenionun şərtlərilə razılaşması sonradan ona ciddi problemlər yaratdı. Makedoniya ordusu Asiyaya girəndə hakimiyyətdəki bütün yüksək vəzifələr Parmenionun oğulları, qardaşları və ya tərəfdarları tərəfindən tutulmuşdu. Nəticədə İsgəndər düz altı il onun, az qala, bütün qərarlarına təsir göstərməyə çalışan bu klana qarşı dirənməli oldu.
Beləliklə, gənc hökmdar Parmenionun şərtlərini qəbul etdi, o isə əvəzində ilk növbədə Attalı zərərsizləşdirməyə söz verdi. Çox keçmədən Attal səssiz-küysüz şəkildə aradan götürüldü. Onun qətli və Parmenionun Makedoniya hökmdarının tərəfinə keçməsi İsgəndərə rahat nəfəs almağa imkan verdi: artıq taxtdan salınması mümkün deyildi!
Bundan sonra gənc hökmdar Korinfdə Ellin ittifaqının Şurasını topladı. İndiyə qədər onun hökmranlığını qəbul etməyən ölkələrin nümayəndələri də bura dəvət olunmuşdular. Toplantıda İsgəndər atasının əvəzinə Ellin ittifaqının yeni rəhbəri, bundan başqa, İrana yürüş edəcək ordunun ali baş komandanı seçildi. Əvəzində isə yunan dövlətləri yenidən «azad və müstəqil» elan olundular.
Diogenlə görüş
Həmin qurultaydan sonra dövrünün görkəmli filosofları, dövlət xadimləri İsgəndəri təbrik etməyə gəldilər. Onların arasında bircə Sinoplu Diogen (M.ö. 412–323-cü illər) yox idi. Deyilənə görə, bundan dilxor olmuş İsgəndər onu şəxsən görmək üçün şəhər ətrafına, iri çəlləyin içində yaşayan Diogenin yanına gedir. Qəribə yaşayış tərzi, qeyri-adi hərəkətləri, tikanlı sözləri ilə məşhur olan Diogen həmin vaxt özünü günə verirdi. İsgəndərin başının dəstəsi hay-küylə yaxınlaşanda filosof yerindən dikəlir və hökmdara tərs-tərs baxıb susur. İsgəndər ömründə ilk dəfə pərt olur. Bununla belə, filosofu nəzakətlə salamlayır. Lakin Diogen yenə susur. Nəhayət, İsgəndər soruşur ki, hökmdarın yerinə yetirə biləcəyi hansısa bir istəyi varmı? Bu zaman məşhur cavab səslənir: «Bəli. Kənara çəkil, günəşin qarşısını kəsirsən». Bununla da söhbət qurtarır. Korinfə qayıdanda yanındakılar İsgəndərin könlünü almaq üçün Diogeni başdanxarab, tərbiyəsiz adlandırmağa başlayırlar. Gənc hökmdar isə onların üstünə acıqlanaraq deyir: «Əgər mən İsgəndər olmasaydım, Diogen olardım!».
İlliriya təhlükəsinin sonu
İsgəndər Ellin ittifaqı şurasından istədiyini aldıqdan – rəhbər seçildikdən sonra ordusu ilə birlikdə geri, Makedoniyaya üz tutur, kahinlərlə məsləhətləşmək üçün yolüstü qədim yunanlar üçün müqəddəs yerlərdən biri olan Delfiyə baş çəkir. Burada söhbətləşdiyi kahinlər ona məğlubedilməz olduğunu söyləyirlər.
M.ö. 336–335-ci illərin qışında İsgəndər öz qoşunu ilə dağlıq ərazilərdə, çətin şəraitdə davamlı hərbi təlimlərə başlayır. Bunun da bir neçə səbəbi vardı: birincisi, Makedoniyanın sərhədlərini möhkəmləndirmək lazım idi ki, qəyyum etməyə hazırlaşdığı Antipatr, ehtiyac olsa, etibarsız yunan müttəfiqlərlə yarana biləcək problemləri asanlıqla həll eləyə bilsin. İkincisi, əbədi rəqiblər – trakiyalılar və illiriyalılar əmin olmalıydılar ki, yeni hökmdar öz qüdrətinə görə heç də atasından geri qalmır. Üçüncüsü, bu hərbi təlimlər İranla böyük müharibədən əvvəl bir növ son məşq olmalıydı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/piter-grin/makedoniyali-isg-nd-r-68289523/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Makedoniya çarı I İsgəndər Fillelin (e.ə. 498-454) nəzərdə tutulur.
2
Satrap – Əhəmənilər dövründə hərbi-inzibati dairənin – satraplığın başçısı
3
İlliryalılar – qədimdə Balkanların şimal-şərqində, Adriatik dənizi sahillərindən Dunay çayının orta axarına qədər olan ərazidə və qismən Apennin yarımadasının cənub-şərqində məskunlaşmış hind-Avropa tayfaları qrupu
4
Fessaliyalılar – Elladanın şimal-şərqində, Egey dənizi sahillərindəki tarixi ərazidə yaşayanlar
5
Peon – antik coğrafiyada peon tayfasının yaşadığı ərazi; dəqiq sərhədləri məlum deyil, amma tarixi mənbələrdə bu tayfanın Mekedoniyanın şimalında məskunlaşdığı qeyd olunur.
6
Ekspansiya – hər hansı bir dövlətin, xalqın, mədəniyyətin təsir dairəsinin yayılması, genişlənməsi prosesi
7
Genealogiya (yun. genea – ailə, nəsil, logos – söz, elm) – nəsillərin tarixini, insanların qohumluq əlaqələrini, nələrinsə, yaxud kimlərinsə mənşəyini öyrənən, həmçinin, şəcərələrin tərtibi ilə məşğul olan elm sahəsi
8
Buxur – yandırılanda ətir saçan qatran
9
Mirra – Afrikada bitən burserkimilər fəsiləsindən olan ağaclardan toplanan saqqız qətranı
10
Əhəmənilər sülaləsi – Eramızdan əvvəl 558-330-cu illərdə İranda iqtidarda olmuş xanədan
11
Forpost – başqa sözlə avanpost, ön mövqe tutan, nəyinsə və kiminsə dayaq, güvənc yeri
12
Falanqa – Qədim Yunanıstan, Makedoniya və Romada ağır silahlı piyadaların (hoplitlərin) sıx səflər şəklində xətti döyüş düzümü forması
13
Mil – uzunluq vahidi, 1 mil – 1,6 kilometrə bərabərdir.