Səlahəddin Əyyubi

Səlahəddin Əyyubi
Pyotr Lyukimson
Tarixi yaradanlar
Tarixə «Qüdsün xilaskarı» kimi düşən Səlahəddin Əyyubi barədə yazılan ən yaxşı bioqrafik əsərlərdən sayılan bu kitab məlumatların, faktların zənginliyi və sadə, səlis dili ilə birnəfəsə oxunur.

Pyotr lyukimson
Səlahəddin Əyyubi


Bir milləti döyüşsüz məğlub etmək istəyirsi nizsə, gənclərinin beynini zəhərləyin.
    Səlahəddin Əyyubi

Səlahəddin Əyyubinin şəcərəsi
Yaxın Şərqin böyük sərkərdəsi və dövlət xadimi Səlahəddin Əyyubinin əsl adı Yusif ibn Əyyub idi. Onun uşaqlıq və yeniyetməlik çağları barədə məlumat son dərəcə azdır. Lakin fərqli qaynaqlarda yazılanlardan müəyyən nəticələrə gəlmək mümkündür.
Öncə onu deyək ki, günümüzədək gəlib çatan orta əsr miniatürlərinin çoxunda Səlahəddin belə təsvir edilir: almacıq sümükləri iri, gözləri isə bir az qıyıq. Vaxtilə səlcuqlar[1 - Səlcuqlar – XI əsrin ortalarından etibarən Kiçik Asiya ərazisində, İran və İraqda böyük dövlət qurmuş köçəri türkmən qəbilələri] da məhz bu cür təsvir olunurdu. Odur ki Səlahəddinlə bağlı miniatürlərdə o bizə daha çox Səlcuq əmirlərini xatırladır. Əslində isə onun mənşəcə bu türk boyu ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, onun milli mənsubiyyəti kifayət qədər mübahisəlidir. Tarixi qaynaqlar Əyyubi ailəsinin Yəmən mənşəli ərəb olduğunu göstərir. Bu ailə indiki İraq ərazisində yerləşən Bəsrə şəhərindən Azərbaycana (daha dəqiq desək, Qərbi Azərbaycanın Vedi mahalına) köçmüş və məskunlaşdıqları bölgədəki kürd qəbilələrinin təsirinə məruz qalmışdı. Sonradan Suriyadakı Səlcuq sultanı – Dəməşqin birinci böyük atabəyi[2 - Atabəy – Böyük Səlcuq dövlətinin süqutu (1154-cü il) nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu] İmadəddin Zənginin (1087–1146) dəvəti ilə Səlahəddinin atası oraya köçür. Dəməşqə yerləşdikdən sonra Əyyubi ailəsi bu dəfə də türklər arasında yaşamağa başlayır və onların həyat tərzinə uyğunlaşır.
Səlahəddinin babası Şadi (ərəb fonetikasına görə bəzən «Şadxi», hətta «Şazi» kimi də oxunur) indiki Ermənistan ərazisində yerləşən və günümüzə xarabalıqları gəlib çatan Dvin şəhərinə yaxın bir kənddə anadan olub. Həmin kənddə onun iki oğlu da dünyaya gəlib: Nəcməddin Əyyub və Əsadəddin Şirkuh.
Bir gün Şadi öz tayfasından böyük bir dəstə ilə birlikdə Bağdada – xəlifənin xidmətinə yollanır. Bu elə bir dövr idi ki, Bağdad xəlifəsi real hakimiyyəti çoxdan itirmişdi. Az qala bütün Şərqi (Kiçik və Orta Asiya da daxil olmaqla) Səlcuq türkləri öz hegemonluğu altına almışdılar. Elə Bağdad da Böyük Səlcuq hökmdarı I Məlikşahın oğlu Sultan Məhəmməd Tapar tərəfindən idarə olunurdu.
Bir müddət sonra sədaqətli xidmətinə görə Şadi Sultan Məhəmmədin vəziri Bəhruzun sayəsində Bağdadın 140 kilometr şimal-qərbində, Dəclə çayı sahilində inşa olunan Tikrit şəhərinə qalabəyi təyin edilir. Tikrit elə də böyük şəhər deyildi, lakin strateji əhəmiyyətə malik idi. Beləliklə, Şadi ölənəcən – 1132-ci ilədək qalabəyi vəzifəsini yerinə yetirir, dünyasını dəyişməzdən bir qədər əvvəl isə şəhərin idarəçiliyini oğlu Nəcməddin Əyyuba ötürür.
Həmin dövrdə xilafət artıq iki yerə – paytaxtı Bağdad olmaqla sünni məzhəbli Abbasilərə və mərkəzi Qahirə olmaqla şiə məzhəbli Fatimilərə[3 - Fatimilər – 909–1171-ci illərdə, əsasən, Şimali Afrikada mövcud olmuş xilafət. Tunisdə qurulmuş, 996-cı ildə paytaxtı Qahirəyə köçürülmüşdür. Hazırkı Mərakeş, Əlcəzair, Liviya, Livan və Misirlə yanaşı, sonralar indiki İordaniya, Fələstin, Suriya, eləcə də Siciliya, Malta, Korsika və Sardiniyanı da öz hökmranlığı altında birləşdirmişdir. Fatimilər şiə məzhəbinə mənsub idilər. Bu dövlət adını Məhəmməd peyğəmbərin qızı Fatimədən götürmüşdür.] parçalanmışdı. Üstəlik, ayrı-ayrı vilayətlərin hakimləri arasında da çəkişmələr baş qaldırmış, bu isə parçalanmanı daha da dərinləşdirmişdi. Məhz belə bir vaxtda atabəy İmadəddin Zənginin ulduzu parlamağa başlamışdı. Adının mənası «dinin dirəyi» anlamına gələn İmadəddin 1130-cu ildə Mosul şəhərinin əmiri olmuş, bundan bir qədər sonra paytaxtı indiki Türkiyənin Antakya şəhərində yerləşən Antioxiya knyazlığının başçısı II Bohemondu ağır məğlubiyyətə uğratmışdı. Nəticədə az qala bütöv Antioxiyanı işğal edən İmadəddin bununla böyük uğura imza atmışdı: belə ki, həmin zəfər müsəlmanları çoxdankı arzusuna çatdırmış, onların «firəng» adlandırdıqları xaçlılar (xristianlar) üzərində ilk qələbəsi kimi tarixə düşmüşdü. Bu qələbə sayəsində İmadəddin Zənginin islam aləmində nüfuzu inanılmaz dərəcədə yüksəldi.
Tarixi qaynaqlarda onun şəxsiyyətinə münasibət təzadlıdır: bəziləri İmadəddini təvazökar, xeyirxah, ədalətli, dürüst bir şəxsiyyət kimi qələmə verir, bəziləri isə onu qəddarlıqda günahlandırırdılar. İstənilən halda o, uzaqgörən siyasətçi, mahir döyüşçü və sərkərdə idi. Özünə güclü ordu yaratmış və parlaq hərbi qələbələr qazanmışdı. 1127-ci ildə Bağdadda xəlifə əl-Müstərşidin Səlcuq türklərinə qarşı qaldırdığı qiyamın yatırdılmasında İmadəddin Zənginin ordusu böyük rol oynamışdı. Bunun müqabilində isə səlcuqlar Mosulla bərabər Hələbin idarəçiliyini də İmadəddinə tapşırmışdılar. Çox keçmədən İmadəddin silah gücünə bütün Suriyanı öz hakimiyyəti altına almağa cəhd etdi. 1132-ci ildə o, yenidən əl-Müstərşidlə qarşı-qarşıya gəldi. Bu vaxt hələ dünyaya gəlməmiş qəhrəmanımızın – Səlahəddin Əyyubinin nə zamansa taleyini müəyyənləşdirəcək bir hadisə baş verdi.
İmadəddin Zəngi xəlifəyə beş il öncəkindən daha sarsıdıcı zərbə endirmək, onunla haqq-hesabı biryolluq çürütmək üçün öz qoşunuyla Bağdada doğru hərəkət etdi. Əl-Müstərşid onu Tikrit şəhəri yaxınlığında çoxminlik orduyla qarşıladı. İmadəddinin qoşunu tamamilə darmadağın edildi, özü isə az qala düşmən əlinə keçəcəkdi. Bu vaxt gözlənilməz hadisə baş verdi: Tikritin gənc qalabəyisi Nəcməddin Əyyub onu tutub xəlifəyə təslim etmək əvəzinə aradan çıxmasına şərait yaratdı. İmadəddin Dəclə çayını adlayıb xəlifə əsgərlərinin təqibindən qurtuldu və Nəcməddinin bu yaxşılığını heç vaxt unutmadı. Əyyubilər tayfasının yüksəlişi isə məhz onun oğlu Mahmud Nurəddinin öz hakimiyyətini yenidən möhkəmləndirməsi ilə başladı. Bu yüksəliş eyni zamanda Səlahəddinin parlaq gələcəyini müəyyənləşdirdi…

Nəcməddin Əyyub Baalbek hakimi təyin edilir
1137-ci ildə isə Tikritdə olduqca xoşagəlməz bir hadisə baş verdi. Nəcməddinin doğma qardaşı Əsədəddin Şirkuh Bəhruzun yaxın dostu, eyni zamanda şəhərin nüfuzlu adamlarından sayılan bir Səlcuq türkünü öldürdü. Bu qətlin hansı səbəbdən baş verdiyi bilinmir. Lakin fakt budur ki, Bəhruz həmin qətl barədə eşitdikdən sonra məsələni dərindən araşdırmış, sonda isə həmin dövrün qayda-qanunlarına uyğun olaraq qatilə ölüm hökmü kəsməsə də, Nəcməddin Əyyub və Şirkuh qardaşlarının şəhəri tərk etmələrini əmr etmişdi.
Həmin ilin yazında qardaşlar öz ailələrini də götürüb Tikritdən çıxdılar. Rəvayətə görə, elə həmin gecə yola düşməzdən bir-iki saat öncə Nəcməddin Əyyubun üçüncü oğlu dünyaya gəlmişdi. Adını Yusif peyğəmbərin şərəfinə «Yusif» qoydular.
Beləliklə, Tikritdən qovulan Nəcməddin Əyyub çoxsaylı doğmaları və ona sadiq bir neçə yüz döyüşçü ilə birlikdə Mosula üz tutdu. O vaxt Mosulun hakimi İmadəddin Zəngi idi. Nəcməddinin ona yaxşılığını unutmayan Zəngi qonağını çox mehriban qarşıladı və onu dərhal öz yanında qulluğa götürdü.
1139-cu ildə İmadəddin Zəngi Dəməşqi ələ keçirməyə cəhd etdi. Mosul hakiminin yolunu Baalbek şəhəri (indiki Livan ərazisində yerləşir) kəsirdi. O, şəhəri bir neçə günə almağı düşünürdü, istəyirdi ki, payızdan əvvəl, avqustun sonunadək Dəməşqə çatsın. Lakin Baalbekin müdafiəçiləri ciddi şəkildə müqavimət göstərdilər. Nəhayət, İmadəddinin qoşunları şəhərə daxil olduqdan sonra da müqavimət davam etdi: müdafiə bölüyü iç qalaya çəkildi və oktyabrın sonunacan dirəndi. Payızda Yaxın Şərq bölgəsində güclü yağışlar başlayır, sel-su hər yanı, o cümlədən yolları yuyub-aparır. Bu isə o demək idi ki, İmadəddin Dəməşq üzərinə yürüşü yazadək təxirə salmalıdır. Baalbekdə kifayət qədər vaxt itirən və bundan möhkəm qeyzə gələn Zəngi təslim olacaqları halda müdafiə bölüyünə dəyməyəcəyinə söz verdi. Lakin niyyətinə çatandan sonra sözündən döndü: qala müdafiəçilərinin əksəriyyəti çarmıxa çəkildi, başçılarının isə dərisi soyuldu. İmadəddinin sözünü tutmamasının başlıca səbəbi Dəməşq əhalisinə ismarıc vermək idi. O demək istəyirdi ki, əgər şəhər döyüşsüz təslim olmasa, aqibətləri bundan da pis olacaq.
Belə görünür, dəməşqlilər İmadəddinin bu ismarıcını ciddiyə almadılar. Onlar şəhər hakimi Müanəddin Unarın ətrafında düşmənə qarşı sıx birləşdilər və güclü müqavimətə hazırlaşdılar. İmadəddinin şəhəri ələ keçirmək istəyi nəticəsiz qaldı.
Dəməşqə yürüşdən öncə İmadəddin böyük hörmət və etimad bəslədiyi Nəcməddin Əyyubu Baalbekin hakimi təyin etdi. Bundan dərhal sonra Nəcməddin iki yaşlı oğlu Yusif də daxil olmaqla öz ailəsi ilə birgə həmin şəhərə daşındı. Beləcə, qəhrəmanımızın uşaqlıq çağları bu gözəl və əsrarəngiz şəhərdə keçdi. Yusif yaşca qardaşlarının böyüyü deyildi. Odur ki əsas vəliəhd sayıla bilməzdi. Nəcməddindən sonra onun yerinə böyük oğlu Şahinşah keçməli idi. Odur ki Yusiflə ortancıl qardaşı Turanşah müəyyən qədər sərbəst şəraitdə böyüyürdülər. Onların cürbəcür oyunlar oynamaq üçün kifayət qədər vaxtları vardı. Üstəlik, gecələr şəhərdəki qədim məbədlərin xarabalıqlarında dolaşırdılar. Bu məbədlər bütpərəstlərə məxsus olduğundan müsəlmanlarda, təbii ki, ikrah hissindən başqa heç nə oyatmamalı idi. Lakin Yusif bir az fərqli düşünür və həmin xarabalıqlara tamaşa etdikcə vaxtilə onları inşa edənlərin memarlıq bacarığına heyranlığını gizlətmirdi. Elə çox sonralar Yusifi başqalarından fərqləndirən tolerantlıq hissi, xristian və yəhudi inanclarına, ənənələrinə hörmətlə yanaşmaq duyğusu da, yəqin ki, məhz Baalbekdəki həmin xarabalıqlarda formalaşmışdı.
Yusif dövrünə görə yaxşı təhsil almışdı: o, Quranla yanaşı, cəbr, həndəsə, astronomiya kimi elmlərlə bağlı dərin biliklərə malik idi. Qədim dünyanın Platon, Aristotel, Evklid və Ptolomey kimi alimlərinin əsərləri ilə tanış olmuş, eyni zamanda müxtəlif dövrlərə aid ərəb poeziyası nümunələrini oxumuşdu. Bəzi qaynaqlara görə, o hətta IX əsr şairi Əbu Təmmamın tərtib etdiyi oncildlik ərəb şeiri antologiyasını da az qala əzbər bilirdi. Sonralar onun zəngin şəxsi kitabxanasında müsəlman şairləri və alimləri ilə yanaşı, yunan, Roma və yəhudi müəlliflərinin də əsərləri yer alacaqdı.
Yusifin (yaxşısı budur, indən sonra biz onun haqqında məşhur adı ilə – «Səlahəddin» kimi bəhs edək) maraqlı bir vərdişi də vardı: o, müxtəlif çətin məsələ və bilməcələri həll etməkdən zövq alır, bu isə onun zehnini daha da itiləşdirirdi. Belə rəvayət edirlər ki, Səlahəddin həmin şakərindən ömrü boyu əl çəkməyib. Hətta bu barədə məşhur bir əfsanə də var. Həmin əfsanəyə görə, sultan olduğu zamanlarda Səlahəddinin yanına əsir bir cəngavər[4 - Cəngavər – orta əsrlərdə Qərbi və Mərkəzi Avropada hərbi-zadəgan silkinə mənsub şəxs, ağır silahlı süvari döyüşçü] gətirirlər. Sultan əsirdən azad edilməsi üçün yüz min dinar[5 - Dinar – keçmişdə Yaxın Şərqin bəzi ölkələrində qızıl pul] istəyir. Bu həmin vaxt üçün çox böyük məbləğ idi – az qala böyük bir şəhərin illik gəlirinə bərabərdi. Əsir cəngavərin bu qədər pulu olmadığından Səlahəddin ona ikinci təklifi edir. Deyir: «Bir tapmaca deyəcəyəm, əgər cavabını tapsan, azad ediləcəksən, yox, əgər tapmadınsa, ödəyəcəyin məbləğ ikiqat artacaq». Cəngavər razılaşır.
Səlahəddin deyir: «Elə isə, məni yaxşı dinlə! Sənə on iki ədəd qızıl pul, bir də, adi bir tərəzi verirlər. Ancaq tərəzinin çəki daşı yoxdur. Qızıl pullardan biri isə saxtadır. Saxta pulun əsl pullardan yüngül və ya ağır olduğu da bilinmir. Cəmi üç dəfə çəkməklə o pulu səhərə qədər tapmasan, özünü ölmüş bil!»
Cəngavər tapmacanın cavabını tapır. Onun buna necə nail olduğu barədə qaynaqlarda heç nə yazılmayıb, bircə o məlumdur ki, sultan nəinki əsiri azad edir, hətta onu bahalı hədiyyələrlə yola salır.
Bu, Səlahəddinin nə qədər mərhəmətli və ədalətli şəxsiyyət olduğunun ifadəsidir.
***
Beş-altı yaşına qədər Səlahəddin evin qadınlara aid olan hissəsində təlim-tərbiyə almışdı. Həmin vaxt islam ölkələrində qəbul edilən şəriət qaydalarının tələbi belə idi.
Ata nənəsi hələ erkən yaşlarından Səlahəddinin digər nəvələrindən çox fərqləndiyini, onlardan daha zirək və ağıllı olduğunu sezmişdi. Bu səbəbdən də belə fikirləşirdi ki, əsas vəliəhd məhz Səlahəddin olmalıdır. Hətta deyilənə görə, anası Səlahəddinə hamilə olarkən nənəsi yuxuda görübmüş ki, yatmış gəlininin yatağına nəhəng bir ilan soxuldu. Gəlin diksinib oyandı, qorxusundan tərpənə bilmədi. Bu zaman onun qarnı yarıldı, oradan döyüşçü qiyafəsində bir igid oğlan çıxdı və ilanın başını əzdi. Yuxunun yozumu birmənalı idi: yeni doğulacaq uşaq oğlan olacaqdı, qüdrətli bir sərkərdəyə çevriləcək və islam düşmənlərinə meydan oxuyacaqdı. Bir dəfə isə Səlahəddin bağçada oynadığı vaxt nənəsi onun zəhərli bir ilanın quyruğundan tutaraq daşla başını əzdiyini görür. Bundan sonra onun nəvəsinə olan inamı daha da möhkəmlənir.
Elə ki Səlahəddin təlim-tərbiyəsini kişilər arasında davam etdirəcək yaşa çatır, nənəsi öz oğullarına tapşırır ki, ona xüsusilə göz-qulaq olsunlar. Beləcə, gələcəyin böyük sərkərdəsi həmin vaxtdan atasının və əmisinin nəzarətinə keçir. Onlar Səlahəddinin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayırlar.
Nəcməddin Əyyub təhsilə xüsusi önəm verirdi. Buna görə də oğlanlarına dini elmlərlə yanaşı, dünyəvi elmlər öyrədən müəllimlər də tutmuşdu. Özü sufi[6 - Sufi – burada: dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adam] təriqətinə mənsub idi, hətta Tikritdə sufi məktəbi yaratmışdı. Sufilər kamil insan axtarışında idilər. Bu mənada Nəcməddin olduqca dürüst, özünə qarşı hədsiz dərəcədə tələbkar xarakterə malik biri idi. Elə Səlahəddin də özünü atasına oxşatmağa çalışırdı. Əmisi Şirkuh isə təbiətcə fərqli idi, o sanki anadan döyüşçü kimi doğulmuşdu, dəlisovdu. Belə hesab edirdi ki, əsl kişi yalnız kitablardan yapışıb qalmamalı, eyni zamanda əlində qılınc daim at belində olmalıdır. Bundan başqa, Şirkuh İmadəddin Zəngi kimi yeyib-içməyi xoşlayırdı. Bu səbəbdən hələ gənclik yaşlarından inanılmaz dərəcədə kökəlmişdi. Ancaq maraqlıdır ki, artıq çəkisi və qısa boyu nə at çapmaqda, nə də qılınc çalmaqda ona mane olurdu. Hətta təkcə özünün və qardaşının deyil, qohum-əqrəbadakı oğlan uşaqlarına da döyüş fəndlərini məhz Şirkuh öyrədirdi.
Beləliklə, Səlahəddin atasını dinlədikcə dinə və elmə daha möhkəm bağlanır, əmisi sayəsində isə bir döyüşçü kimi yetişirdi. O, eyni zamanda hər ikisindən qəddar firənglərin islam torpaqlarına soxulması, müsəlman şəhərlərini xaraba qoyması barədə söhbətləri maraqla dinləyir, qadın, uşaq, qoca demədən Qüdsün müsəlman və yəhudi əhalisinin qılıncdan keçirilməsi haqda deyilənlərə heyrət içində qulaq asırdı. Bütün bunlar Səlahəddinin yaddaşında dərin izlər buraxmış və onun dünyagörüşünə təsirsiz ötüşməmişdi.
Həmin dövrdə müsəlmanların xaçlılarla bağlı təsəvvürləri olduqca tükürpərdici idi. Onlar firəngləri vəhşi, barbar hesab edir və belə fikirləşirdilər ki, xaçlılar adi gigiyena qaydalarından xəbərsizdirlər, yuyunmurlar, ədalət hissindən isə məhrumdurlar. Hətta belə çıxırdı ki, əməlli-başlı hannibalizmlə məşğuldurlar: qarınlarını öldürdükləri müsəlmanların, xüsusilə də uşaqların əti ilə doyururlar. Bütün bu söylənilənlər Səlahəddində xaçlılara qarşı dərin nifrət oyadır, ürəyindən tez böyümək və qəddar işğalçılarla döyüşə girmək keçirdi. Elə müqəddəs Qüds şəhərini xaçlılardan azad etmək arzusu da, yəqin ki, Səlahəddinin qəlbində elə o vaxtdan oyanmışdı… Düzdür, o, sonralar etiraf edəcəkdi ki, atasıyla əmisinin bütün danışdıqlarına inanmırmış. Məsələn, öz uşaq ağlı ilə firənglərin insan əti yediyinə dair deyilənləri nağıl sayırmış. Lakin istənilən halda Səlahəddin hələ erkən yaşlarından xaçlılara qarşı qəzəb duyğusu ilə böyümüşdü.

Səlahəddinin ailəsi Dəməşqə köçür
Nəcməddin Əyyubla Şirkuh belə hesab edirdilər ki, xaçlıları müsəlman torpaqlarından qovub-çıxarmağın yeganə yolu daxili çəkişmələri bir kənara qoyub birləşməkdir. Bunu isə ancaq öz himayədarları, Mosul hakimi İmadəddin Zəngi bacara bilərdi.
İmadəddin hələ ki qələbələrinə davam edirdi: 1144-cü ildə o, xaçlıların 46 il öncə ələ keçirdiyi Edessanı (indiki Türkiyə ərazisindəki Urfa şəhəri) işğalçılardan təmizlədi. Həmin hadisə müsəlmanlar üçün növbəti bayrama çevrildi. Baalbekdə hətta bu münasibətlə təntənəli mərasim də keçirildi. Həmin vaxt Səlahəddinin 7 yaşı vardı və mərasimdə o da iştirak etmişdi.
Lakin aradan iki il keçəndən sonra Baalbekə bu dəfə qara xəbər gəldi: atabəy İmadəddin Zəngi Mosulla Hələb arasında yerləşən Cəabar qalası uğrunda döyüş zamanı öz adamlarından biri tərəfindən qətlə yetirilmişdi. Həmin qətllə bağlı bir neçə fərziyyə mövcuddur. Onlardan biri (və ən ağlabatanı!) belədir ki, bərk sərxoş olan İmadəddin gecəyarı yuxudan oyanıb görür ki, etiqadca xristian olan hərəmağası Yarankaş onun piyaləsində şərab içir. İmadəddin buna möhkəm əsəbiləşir, səhər onu edam etdirəcəyini bildirib yenidən yuxuya gedir. Möhkəm qorxuya düşən hərəmağası isə canını qurtarmaq qərarına gəlir: elə gecəylə ağasını xəncərləyib öldürür, sonra da düşmən tərəfə keçir – mühasirə altında olan Cəabar qalasına qaçır.
İmadəddin Zənginin ölümü istər xaçlılarla mübarizədə, istərsə də Nəcməddinin şəxsi həyatında böyük itki idi. O hiss edirdi ki, İmadəddinin yoxluğunda həm onu və ailəsini, həm də müsəlman aləmini böyük çətinliklər gözləyir. Necə ki belə də oldu. Köhnə düşməninin ölüm xəbərini eşidən Dəməşq hakimi Unar Müanəddin dərhal özünü Baalbekə çatdırdı və şəhəri mühasirəyə aldı. Nəcməddin Əyyub öncə müqavimət göstərmək fikrində idi. Lakin aradakı qüvvələr nisbəti çox fərqli idi. Dirəniş mənasızdı, odur ki Dəməşq hakimiylə danışıqlara getməkdən başqa çıxış yolu yox idi. Beləliklə, əldə edilmiş razılığa görə Baalbek döyüşsüz təslim olardısa, Nəcməddin böyük məbləğdə pul alacaq, eyni zamanda Dəməşq ətrafındakı yeddi kəndin gəliri də bundan sonra ona çatacaqdı. Üstəlik, Dəməşqin düz mərkəzində ona mülk veriləcəkdi.
Nəticədə on yaşında ikən Səlahəddin ailəsi ilə birgə bu dəfə də Dəməşqə köçməli olur. Şöhrəti hər yerə yayılan, «Şam» adı ilə də məşhur olan bu böyük şəhərdə o, yeniyetməlik çağlarını keçirəcək, püxtələşəcək, çox sonralar – gücünün, qüdrətinin zirvəsinə çatdığı illərdə, sultan olduqda isə bir neçə dəfə yolunu buradan salmalı olacaqdı…

Səlahəddin artıq vəliəhddir
Maraqlıdır ki, Səlib yürüşlərinə[7 - Səlib yürüşləri – Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə 1096–1272-ci illərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Tarixdə cəmi səkkiz Səlib yürüşü məlumdur.I Səlib yürüşü ovaxtkı Roma papası II Urbanın çağırışı ilə 1096-cı ildə başlayıb, üç il davam edib və xristianların Qüdsü ələ keçirməsi ilə nəticələnib.1147–1150-ci illəri əhatə edən II Səlib yürüşü zamanı xristianlar biabırçı məğlubiyyətə uğrayaraq ölkələrinə əliboş geri dönüblər.1189–1192-ci illəri əhatə edən III Səlib yürüşünün məqsədi Qüdsü Səlahəddin Əyyubinin əlindən geri almaq idi. Xaçlılar Akka başda olmaqla bir çox əhəmiyyətli şəhəri tutsa da, Qüdsün yenidən ələ keçirilməsinə nail ola bilmədilər.Ümumiyyətlə isə xristianlar yalnız VI Səlib yürüşü zamanı (1228–1229) Qüdsü tutmağa nail oldular. Lakin 1244-cü ildə müsəlmanlar bu müqəddəs şəhəri geri almağı bacardılar.] və aramsız daxili çəkişmələrə baxmayaraq XII yüzillikdə Suriya kifayət qədər firavan bir ölkə idi. Avropadan gələnlər onun qədimliyi və gözəlliyi, əhalisinin özünəməxsus həyat tərzi qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Ölkənin cah-calallı şəhərlər siyahısında Dəməşq əsas yer tuturdu. Tarixi çox qədimlərə gedib çıxan bu şəhər onu ilk dəfə görənləri ovsunlayırdı. Dəməşq möhkəm qala divarlarıyla əhatə olunmuşdu. Burada o dövr üçün nadir sayılan beşmərtəbəli evlərlə belə qarşılaşa bilərdin. Dar ayaqda bu evlərin hər biri alınmaz qalaya çevrilir, düşmən işğalına meydan oxuyurdu.
Dəməşq səyyahları və tacirləri xüsusilə özünün nəhəng bazarı ilə heyrətləndirirdi. Təkcə bazarı başdan-ayağa dolaşmaq, burada satılan mallarla ötəri tanış olmaq üçün bir gün vaxt tələb olunurdu. Şəhərdə həmçinin öz dövrü üçün kifayət qədər mükəmməl silahlar hazırlanan emalatxanalar vardı. Dəmirçilərin yerli poladdan düzəltdiyi qılınc və xəncərlər, deyilənə görə, hətta zirehi belə asanlıqla kəsə bilirmiş.
Dəməşq eyni zamanda əzəmətli məscidləri ilə məşhur idi; həmin məscidlər yalnız ibadətgah kimi fəaliyyət göstərmirdi. Onlar şəhərin ictimai həyatının canlanmasında da mühüm rol oynayırdılar. Məktəb-mədrəsələrdə yeniyetmələrə, gənclərə islam elmi və hüququ öyrədilirdi. Hamam və qəhvəxanalar isə təkcə istirahət məkanları yox, eyni zamanda poeziya və fəlsəfə həvəskarlarının sevimli toplantı yerləri idi. Suriyanı daha çox ərəb ölkəsi, elə Dəməşqi də daha çox ərəb şəhəri sayırlar. Ancaq yadda saxlamaq lazımdır ki, onun əhalisinin əksəriyyətini ərəblər yox, türklər, kürdlər və islamı qəbul etmiş digər xalqlar təşkil edirdi. Bu xalqlar öz etnik mənsubiyyətlərini arxa plana keçirmişdilər və özlərini, sadəcə, «müsəlman» adlandırırdılar. Ona görə də avropalılar Suriya əhalisini ucdantutma ərəb sayırdılar.
Dəməşqdə yəhudilərin və xristianların (əsasən, ermənilər, yunanlar, arameylər) da sayı az deyildi. Bu mənada Suriyanın indiki paytaxtı o zamanlar, müasir təbirlə desək, sözün həqiqi mənasında kosmopolit şəhər idi. Rəngarəng mədəniyyətlər, adət-ənənələr, müxtəlif dil və inanclar – bütün bunlar Səlahəddinin şəxsiyyət kimi formalaşmasında təsirsiz qala bilməzdi. Əlbəttə, şəhərin müsəlman əhalisi öz dinlərini kifayət qədər yüksək tuturdular; bununla belə, başqa dinlərlə də maraqlanırdılar. Qəhvəxanalarda hər kəs öz fikrini azad şəkildə ifadə edə bilir, din başda olmaqla müxtəlif mövzularda saatlarca qızğın müzakirələr gedirdi. İslamda haram buyurulduğundan şərab şəhərin, sadəcə, xristian məhəllələrindəki meyxanalarda verilirdi. Bu meyxanalara gedənlər eyni zamanda şeirdən, musiqidən həzz alırdılar. Yeri gəlmişkən, bu cür ab-hava həmin vaxt müsəlman Şərqindəki böyük şəhərlərin çoxu üçün xarakterik idi. İnsanlar bu cür məkanlarda olduqca azad, sərbəst idilər: qorxub çəkinmədən həm hakimiyyət nümayəndələrini, həm də dini liderləri tənqid edə bilirdilər.
O dövrün bir çox görkəmli şairlərinin şeirlərində belə Şərq intibahının ab-havası aydın şəkildə duyulmaqda idi. Bu həmin ab-havadır ki, Səlahəddinin xarakterinə və dünyagörüşünə əhəmiyyətli dərəcədə təsir göstərmişdi.
Gələcəyin qüdrətli sərkərdəsi Dəməşqdə təhsilini daha da artırmışdı. Xüsusilə dini savadı çox yüksək idi, üstəlik, böyüdükcə dini şövqü daha da gücləndi, hətta arada fanatizm həddinəcən çatdı. Lakin tədricən onun həyata baxışları püxtələşdi, poeziyaya marağı və həvəsi artdı. Hətta xristian məhəllələrindəki meyxanalara da getməyə başladı. İndi o, varlı və nüfuzlu ailələrdən çıxmış Dəməşq gənclərinə xas həyat tərzi keçirirdi. Eyni zamanda hərb sənətinin incəliklərini öyrənir, atasının şəhərətrafındakı at tövləsinə tez-tez baş çəkir, cins atları minib çapırdı.
Bu yerdə bir az əvvələ qayıdıb deyək ki, Səlahəddinin 11 yaşı olanda onun həyatını başdan-başa dəyişən bir hadisə baş vermişdi. Böyük qardaşı Şahinşah qəfildən xəstələnmiş və dünyasını dəyişmişdi. Onun İzəddin və Təkiyəddin adında iki oğlu qalmışdı. Qaydalara görə, Nəcməddin Əyyubun varisi onun ortancıl oğlu Turanşah olmalı idi. Lakin Nəcməddin belə qərara gəldi ki, Turanşah vəliəhd olmaq üçün lazımi keyfiyyətlərə malik deyil. Ona görə də vəliəhdlik Səlahəddinə keçdi.
Böyük oğlunun ölümündən bərk sarsılan Nəcməddin Əyyub o vaxtdan kiçik oğluna xüsusi qayğı göstərməyə başladı. Tez-tez onunla şəhərətrafına çıxır, tabeçiliyindəki kəndlərə baş çəkir, müxtəlif mövzularda söhbətlər edərdi. Bütün bunlar Səlahəddin üçün, bir növ, həyat dərsləri idi. Atası oğluna dünyanın hər üzünü öyrətməyə çalışır, bununla onu böyük işlərə hazırlayırdı.
1152-ci ildə 14 yaşında ikən Səlahəddin öz əmisi Şirkuhun tövsiyəsi ilə Hələbə getdi. Orada özünə torpaq aldı. İki il sonra onun bir vuruşmada iştirak etdiyi bildirilir, lakin həmin döyüş barədə heç bir ətraflı məlumat yoxdur. Bircə o bəllidir ki, bu vuruşmada Səlahəddin elə bir hünər göstərməyib. Sonra isə Dəməşqə qayıdıb.

Dəməşq qaynayır
Bu o vaxt idi ki, Nəcməddin Əyyub Dəməşq hakimi Unar Müanəddinin xidmətində idi. Müanəddin yaxşı bilirdi ki, əsas düşmənlərindən olan İmadəddin Zəngi ilə Nəcməddini dostluq münasibətləri birləşdirir. Eyni zamanda onu da bilirdi ki, Nəcməddinin qardaşı Şirkuh İmadəddin Zənginin oğlu Mahmud Nurəddinin (1116–1174) baş sərkərdəsidir.
Buna baxmayaraq Nəcməddin Dəməşq hakiminə sədaqət andı içmişdi və Unar Müanəddin də ondan sonra Dəməşqin müdafiəsini təşkil etməyi Səlahəddinin atasına etibar eləmişdi. Yəqin, belə fikirləşirdi ki, Nəcməddin içdiyi sədaqət andını heç vaxt pozmaz.
Səlahəddinin atası üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməkdə idi. O, şəhərin müdafiəsini hərb elminin qaydalarına uyğun şəkildə gücləndirir, daha da möhkəmləndirirdi.
Bəli, taleyin hökmü iki qardaşı fərqli cəbhələrə atmışdı. Onlar əvvəl-axır üz-üzə gələcəkdilər. Bəs bir-birinə əl qaldıracaqdılarmı, qılınc çəkəcəkdilərmi? Bunu zaman göstərəcəkdi.
Qeyd etmək lazımdır ki, 1146-cı ildə İmadəddin Zənginin ölümündən sonra ətraf əraziləriylə birlikdə Mosul onun böyük oğlu Seyfəddinin, Hələb isə kiçik oğlu Mahmud Nurəddinin ixtiyarına keçdi. Atasının həlak olduğu ilk günlərdən Mahmud Nurəddin Şirkuhu daim öz yanında görmüş, onun dəstəyini, köməyini hiss etmişdi.
Məsələ burasındadır ki, Nurəddinin hakimiyyətə gəlməsi olduqca gərgin hadisələrlə bir vaxta düşdü. Onlardan biri xüsusilə diqqət çəkir: belə ki, Edessanın məğlub hakimi qraf İoslen şəhəri geri almağı bacarmışdı. Bununla da Zənginin qazandığı ən böyük nailiyyətin üzərindən faktiki olaraq xətt çəkilmişdi. Nurəddinlə Şirkuh anlayırdı ki, Edessanın əldən çıxması müsəlmanlara ağır zərbədir. Odur ki İoslenə şəhərdə güclənmək, möhkəm müdafiə yaratmağa imkan verməmək üçün dərhal hərəkətə keçdilər. Bu birgə yürüş uğurla nəticələndi: müsəlman süvariləri hələ şəhərə girmədən qraf qaçdı. İoslenin tərəfdarları qılıncdan keçirildi. Bu ildırımsürətli qələbə Nurəddinin şöhrətini bütün Suriyaya yaydı. Şirkuhun dəstəyi ilə Nurəddinin mövqeləri get-gedə güclənir, nüfuzu günbəgün artırdı. Nəticədə Dəməşq hakimi ilə münasibətlər belə yoluna qoyuldu, hətta Hələb hakimi Unar Müanəddinin qızıyla nişanlandı.
1147-ci ildə II Səlib yürüşü başladı. Lakin bu yürüş alman və fransız cəngavərlərinin öz aralarında çəkişməsi üzündən tam məğlubiyyətlə başa çatdı.
II Səlib yürüşü zamanı xaçlılar güclü müdafiəyə malik Dəməşqi də mühasirəyə almışdılar. Axı bu şəhərin ələ keçirilməsi onlara zəngin qənimət vəd edirdi. Ancaq Nəcməddin Əyyub şəhərin müdafiəsini çox gözəl təşkil etmişdi. Digər tərəfdən Unar Müanəddin vəziyyətin ciddiliyini nəzərə alıb Zəngi qardaşlarını köməyə çağırmışdı. Həmçinin o, saxta qızılların köməyi ilə Qüds kralı III Balduini öz tərəfinə çəkmişdi. Nəticədə cəmi dörd gün sonra xaçlılar Dəməşqin mühasirəsindən imtina etməli oldular.
Bundan sonra isə hadisələr çox sürətlə inkişaf etdi: 1148-ci ildə Unar Müanəddin qarın yatalağı xəstəliyindən dünyasını dəyişdi. Dəməşqdə hakimiyyət onun qanuni varisi on altı yaşlı Abak Mücirəddinə keçdi. Fəqət yaşının azlığına baxmayaraq Abak eyş-işrətə, kef-damağa çox meyilli idi. Dəməşq kimi bir şəhərin hakimliyinə onun nə ağlı, nə təcrübəsi, nə də istedadı çatışırdı. Atasının yerinə keçən kimi vergiləri artırdı, xoşu gəlmədiyi hər kəsi edam etdirməyə başladı. Bununla da Dəməşqin həm kübar, həm də sadə təbəqəsini özünə qarşı qaldırdı.
Belə bir vaxtda Nurəddinin şöhrəti isə get-gedə artmaqda idi. Onun haqda sadə, vicdanlı və islam inanclarına sadiq biri olduğunu deyirdilər. Əslində, bu deyilənlərdə heç bir şişirtmə yoxdur: atasından fərqli olaraq Nurəddin nəinki özü şərab içirdi, hətta əsgərlərinə də bunu qadağan eləmişdi. Hələbdə bir-birinin ardınca ruhani məktəblər tikdirir, eyni zamanda sadiq sərkərdəsi Şirkuhla birgə Qüds və digər müqəddəs torpaqları xaçlılardan azad etmək üçün planlar qururdu. Onların fikrincə, bu planı həyata keçirmək üçün öncə Misirdən Suriyaya qədər böyük bir ərazi nəzarət altına alınmalı idi. Hələb onsuz da Nurəddinin əlində idi. Qalırdı Dəməşq və Mosulu tutmaq; yalnız bundan sonra Misir barədə düşünmək olardı.
Beləliklə, Mahmud Nurəddinin ordusu iki dəfə Dəməşq qapılarında zühur etdi. O hər dəfə məqsədinin şəhər əhalisini firəng özbaşınalıqlarından qorumaq və onlara qarşı vuruşmaq üçün müsəlman qüvvələrini birləşdirmək olduğunu söylədi. Lakin hər ikisində də Abak Qüds kralı III Balduini köməyə çağırdı. Bu isə Dəməşqin müsəlman əhalisinin kəskin narazılığına səbəb oldu. Tezliklə Mahmud Nurəddinin adamları belə bir şayiə yaydılar ki, şəhəri onlara təslim etmək istəməyən Abakın yaxın ətrafı dar ayaqda Dəməşq hakiminin özünü aradan götürmək istəyir. Nəticədə gənc hökmdar ən sadiq adamlarını edam etdirdi, böyür-başında bir nəfər də inanılmış adamı qalmadı. Ancaq qəribədir ki, Abak Nəcməddinə toxunmamışdı. O, əvvəlkitək şəhərdə qalabəyi idi.
Hadisələrin sonrakı gedişində Nəcməddinin oynadığı rol barədə tarixçilərin fikri müxtəlifdir. Lakin bir məsələ çox az şübhə doğurur ki, Dəməşqin Mahmud Nurəddinə təslim edilməsində həlledici rolu məhz şəhərin qalabəyi oynamışdı. O, qəti olaraq bu fikirdə idi ki, nəyin bahasına olursa olsun, müsəlmanların bir-birinin qanını tökməsinə yol verilməməlidir. Görünür, Dəməşqi mühafizə edən əsgərləri də buna inandıra bilmişdi…
Beləliklə, 1154-cü il aprelin 18-də Nurəddinlə Şirkuh növbəti dəfə Dəməşq qapılarına yaxınlaşdılar. Abak kömək üçün yenidən III Balduinə üz tutdu. Ancaq Qüds kralı yardıma gecikdi. Aprelin 25-də Mahmud Nurəddinin əsgərləri heç bir müqavimətə rast gəlmədən Dəməşqin qala divarlarına dırmaşdılar. Elə buradaca – qala divarlarının üstündə Nəcməddinlə Şirkuh görüşüb qucaqlaşdılar.
Şəhər əhalisi Nurəddini Dəməşq qapısının girişində sevinclə qarşıladı. Nurəddin camaatın gözündəki ədalətli və mərhəmətli hökmdar obrazına xələl gətirməmək üçün Abaka toxunmadı. Hətta ona qarşı çox səxavətli davrandı: ailəsini və var-dövlətini götürüb şəhəri tərk etməsinə icazə verdi.
Nəcməddin isə tezliklə Nurəddinin əsas məsləhətçisinə çevrildi və onun yaxın çevrəsinə daxil oldu.
Ən maraqlısı isə o idi ki, Dəməşqin yeni hakiminin ətrafında Nəcməddinlə yanaşı, onun oğlu və varisi 26 yaşlı Səlahəddin də vardı.

Səlahəddinin yüksəlişi başlayır
Saray həyatı, əmisi və atasıyla birgə Mahmud Nurəddinin yığıncaqlarında iştirak etməsi, şübhəsiz, Səlahəddin üçün əsl dövlət idarəçiliyi məktəbi oldu. O, gündən-günə artan saray ixtilaflarından belə çox şey öyrənirdi. Tarixdə bu cür qarşıdurmaların, intriqaların yaşanmadığı saray göstərmək mümkünsüzdür.
Bir müddət sonra Səlahəddinin ixtiyarına böyük bir hərbi bölük verildi. O bu bölüyü daim döyüş vəziyyətində saxlamalı idi.
Tədricən Mahmud Nurəddinin ciddi təsiri altına düşən Səlahəddinin dini düşüncələri güclənməyə başladı. O, qatı mühafizəkar müsəlmana çevrilirdi. Bu həmin dövrün müsəlman ziyalılarının çoxu üçün xarakterik idi. Belə ki, çoxları xaçlılar üzərində qələbə qazanmağın həlledici yolunu Quranda yazılanlara qeydsiz-şərtsiz əməl etməkdə görürdü.
Dəməşqi ələ keçirəndən sonra Nurəddin bütün Suriyanı birləşdirmək üçün öz səylərini davam etdirdi, hətta Qüds üzərinə hücumun ilk hazırlıqlarına başladı. Ancaq ağır xəstəliyə tutulması, eləcə də hadisələrin sonrakı gedişi ortaya müəyyən əngəllər çıxardı. Xüsusilə 1163-cü ildə Misirdə yaşananları vurğulamaq lazımdır. Həmin prosesləri diqqətlə izləyən Nurəddinlə Şirkuh qəti qərara gəldilər ki, Misiri Suriyaya birləşdirmək üçün bundan yaxşı fürsət ola bilməz.
Bir az irəli gedib qeyd edək ki, elə Səlahəddinin görkəmli sərkərdə və dövlət xadimi kimi yüksəlişi də məhz o vaxtdan başladı.

Bəs Misirdə nə baş verirdi
1163-cü ildə Fatimilər xilafətinin vəziri Şavir özünün Dilqəm adlı rəqibi tərəfindən taxtdan salındı. Bundan sonra o, Qahirədən Dəməşqə gəldi. Əvvəldə də qeyd etdiyimiz kimi, o vaxtlar xilafət ikiyə parçalanmışdı, nəticədə Bağdadda sünni məzhəbli, Qahirədə isə şiə məzhəbli xəlifə otururdu. Hər ikisində də real hakimiyyət vəzirlərin əlində idi. Odur ki saray çevrilişləri zamanı əsas hədəf vəzirlər olurdu: onlar təkcə vəzifələrini deyil, həyatlarını belə itirə bilirdilər. Lakin Şavirin bəxti gətirib sağ qalmışdı. Özünə sadiq olan bir bölük əsgərlə Dəməşqə gəlib çıxa bilmişdi. Şavir özü ilə Nurəddinə qiymətli hədiyyələr gətirmiş və kömək üçün yalvarmağa başlamışdı. Bunun müqabilində isə Dəməşq hakimindən asılı olmağı qəbul edəcəyinə söz verir, eyni zamanda Misir xəzinəsinin üçdə biri qədər xərac ödəməyi boynuna götürürdü. Xəzinənin illik gəliri isə iki yüz min dinar idi. Bu cür təklifdən imtina etmək çətin olsa da, Şavir Nurəddinə etibarlı adam təsiri bağışlamadı. Odur ki «yox» cavabı verdi. Tezliklə Dəməşqə bu dəfə Fatimilərin yeni vəziri Dilqəmin elçiləri gəldi. Onlar özləri ilə gətirdikləri bahalı hədiyyələrin müqabilində Nurəddindən Şavir ilə tərəfdarlarının Qahirəyə təslim edilməsini istəyirdilər. Nurəddin məsləhət üçün Şirkuhla Nəcməddini yanına çağırdı. Səlahəddinin əmisi Şaviri dəstəkləmək və Misirə qoşun göndərmək tərəfdarı idi. Şirkuh hətta bu qoşuna şəxsən özünün başçılıq etməyə hazır olduğunu da bildirdi. O hesab edirdi ki, əvvəla, Misirin illik gəlirinin üçdə biri Dəməşq hakiminin xəzinəsini azı iki dəfə artıracaq. Bu isə vergiləri azaltmaq, xalqın sevgisini qazanmaq, eyni zamanda ordunu əhəmiyyətli dərəcədə gücləndirmək üçün yaxşı fürsət deməkdir. İkincisi (və ən əsası!), Allah özü imkan yaradır ki, onlar özlərinin çoxdankı planını həyata keçirsinlər: Misiri Suriyaya birləşdirsinlər və bununla da firənglərə qarşı daha güclü mübarizə apara bilsinlər!
Əslində, Nurəddin də elə Şirkuh kimi düşünürdü, lakin o bu plandan ehtiyatlandığını gizlətmədi. Dəməşq hakimi təkcə Şavirin öz vədinə xilaf çıxacağından yox, həm də ordusunun məğlubiyyətə düçar ola biləcəyindən çəkinirdi.
İşi belə görən Şirkuh dedi: «Şavir deyir ki, tərəfdarlarını bir araya toplamaq üçün ona müəyyən qədər vaxt lazımdır. Bundan sonrası isə asandır: Şavirin tərəfdarları bizim orduya qoşulduqdan sonra ruhlanacaq və şücaətlə döyüşəcəklər. Belədə biz öz əsgərlərimizin həyatını təhlükəyə atmarıq. Öndə Şavirin tərəfdarları vuruşar, biz isə yalnız dar ayaqda döyüşə girərik».
Şirkuhun dedikləri Nurəddinin ağlına batdı. Qərara aldı ki, elə sadiq sərkərdəsinin başçılığı altındaca Misirə iki minlik qoşun göndərilsin. Nurəddin Şirkuhdan soruşdu ki, özünə köməkçi olaraq kimi götürmək istəyir? Bu sualın cavabında Şirkuh qardaşı oğlunun – Səlahəddinin adını çəkdi. Onun belə bir seçim etməsi olduqca qəribə idi. Çünki həmin vaxtadək Səlahəddin heç bir hərbi yürüşə çıxmamışdı, üstəlik, ixtiyarında ordu bölüyü olsa da, indiyəcən bir dəfə də döyüş meydanında sərkərdəlik etməmişdi…
Səlahəddinlə bağlı az qala bütün tarixi qaynaqlarda belə iddia edilir ki, əmisinin bu seçimini eşitdikdən sonra elə bil onun «ürəyinə bıçaq saplandı». Hətta belə deyirlər ki, guya Səlahəddin Şirkuha elə bu cür də deyibmiş: «Allaha and olsun, bütün Misirin var-dövlətini mənə versələr də, ora getmək istəmirəm!»
Əslində, Dəməşqin ən nüfuzlu və zəngin adamlarından birinin 25 yaşlı oğlunu başa düşmək olar. Gənc Səlahəddin saraydakı dəbdəbəni və rahatlığı qoyub çətin bir səfərə çıxmağı istəməyə bilərdi. Başqa iddialara görə isə, o, ruhani həyat sürmək fikrində idi. Ona görə də hərbi və siyasi məsələlərə, demək olar, maraq göstərmirdi. Lakin eyni zamanda artıq atası da, əmisi də belə düşünürdülər ki, ağlına, cəsarətinə çox güvəndikləri Səlahəddinin özünü təsdiqləmək zamanı yetişib. Hər halda, fakt budur ki, o, dərhal səfər hazırlığına başladı. Elə hərbi yürüş üçün gərəkli olan çox şeyi də bu zaman öyrəndi: bir neçə minlik ordu üçün nə qədər azuqə və su ehtiyatı, onları daşımaq üçün neçə dəvə lazımdır, ya da bu cür uzun səfərlər zamanı neçə ehtiyat at, nə qədər çadır bəs eləyər…

Səlahəddin xaçlıları tələyə salır
Beləliklə, 1164-cü ilin payızında Şirkuhla Səlahəddinin başçılıq etdiyi iki minlik qoşun Misirə doğru yola düşdü. Onlara bədəvi[8 - Bədəvi – köçəri, çöllü] ərəblər bələdçilik edirdilər. Ordu bütün gün yol gedib gecə dincəlir, bu zaman Şirkuhun döyüşçüləri nəhəng tonqallar çatır, ət bişirir, döyüş mahnıları oxuyurdular. Çox keçmədi ki, Misir səfərinə könülsüz yollanan Səlahəddinə bu hərbi yürüş saray həyatı qədər maraqlı görünməyə başladı. Gənc sərkərdə adi döyüşçülərin arasında olmağı sevir, onların söhbətlərinə, səmimi zarafatlarına diqqətlə qulaq asır, bir növ, onları daha yaxşı tanımağa və anlamağa çalışırdı. Bu gün topladığı təcrübələr, heç şübhəsiz, gələcəkdə Səlahəddinin işinə yarayacaq, ordunun idarə edilməsi, yaxud müharibələr zamanı onun köməyinə yetişəcəkdi.
Misir səfəri iki həftədən çox çəkdi. Şirkuh bilərəkdən yolunu uzatmışdı. Bu isə ona qəfil hücuma keçmək imkanı yaratdı. Vəzir Dilqəm çətin vəziyyətə düşdü: gizli yollarla gələn düşmən ordusunu qəfil qarşısında görüb çaşbaş qaldı. Müdafiə tədbirləri görməyə belə macal tapmadı. 1164-cü il aprelin 24-də Səlahəddinin başçılığı ilə ön dəstə liman şəhəri Bilbeysi ələ keçirdi. Qardaşı oğlunu buraya şəhər hakimi təyin edən Şirkuh özü isə mayın 1-də artıq Qahirənin on kilometrliyinə çatdı.
Dəməşq ordusunun sayından və gücündən xəbərsiz olan Misir qoşunu Dilqəmdən üz döndərdi. Xəlifə – on üç yaşlı xəstəhal əl-Ədid Şaviri vəzirliyə qaytardı. Dilqəm isə qaçmağa cəhd edərkən ələ keçirildi. O öldürüldü, cəsədi isə küçə itlərinin qabağına atıldı.
Aradan iki həftə keçməmiş məlum oldu ki, Nurəddin haqlıdır: Şavir vədinə əməl etmək istəmir. Üstəlik, o, Şirkuha və əsgərlərinə Qahirəyə girməyi qadağan elədi. Bu da azmış kimi, eyham vurdu ki, dəməşqlilər Misiri nə qədər tez tərk etsələr, o qədər yaxşıdır. Şirkuh qəzəbləndi. Bəyan etdi ki, vəd olunmuş xəracı – Misirin illik gəlirinin üçdə birini almadan heç yana tərpənən deyil.
İşi belə görən və öz gücünə bir o qədər də inanmayan Şavir Qüdsə – firənglərin III Balduindən sonra taxta çıxan kralı I Amoriyə elçi göndərdi. Baş verənləri həyəcanla izləyən I Amori Misirə öz vassalı kimi baxırdı. Eyni zamanda yaxşı başa düşürdü ki, Misirin Suriya nəzarətinə keçməsi Qüds krallığına baha başa gələ bilər. Odur ki 1164-cü ilin iyulunda öz ordusunu Qahirənin köməyinə yolladı. Bundan sonra qüvvələr nisbətinin düşmən lehinə dəyişdiyini görən Şirkuh tələm-tələsik Bilbeysə çəkildi. Atasından aldığı dərslər həmin vaxt Səlahəddinin dadına çatdı: o, şəhərdə uzunmüddətli mühasirə üçün hazırlıq gördü. Sonrakı 20 gün ərzində Şirkuh firənglərin Bilbeysə bir neçə hücumunu dəf etdi. Şəhər mühasirə vəziyyətində idi və hələ ki düşmən qarşısında tab gətirə bilirdi. Buna baxmayaraq həm Şirkuh, həm də Səlahəddin əndişə içində idilər; onlar yaxşı başa düşürdülər ki, Bilbeysin mühafizəsi nə qədər yaxşı təşkil olunsa da, gec-tez şəhərdə aclıq başlayacaq, müdafiəçilərin gücü zəifləyəcək, növbəti hücumlara tab gətirmək çətinləşəcək, hətta mümkünsüzləşəcək.
Mahmud Nurəddin təlim görmüş göyərçinlərin köməyi ilə Şirkuhdan tez-tez məktub alır, bu məktublar vasitəsilə hadisələrin gedişindən xəbər tuturdu. Baş verənləri təlaşla izləyən Dəməşq hakimi Şirkuha necə kömək edəcəyini bilmirdi. Misirə doğru yola çıxması doğru olmazdı, bu həm özünü, həm də Suriyanı təhlükəyə atmaq deməkdi. Yeganə yol Qüds üzərinə hücuma keçməkdi. Belədə firənglər Misirdən geri çəkilə, öz krallıqlarının qeydinə qalmalı olardılar. Bu planı çox bəyənən Nurəddin bütün Suriya əmirlərinə məktub yollayıb onları firənglərə qarşı cihada[9 - Cihad – dini əqidə uğrunda müharibə, dini yaymaq yolunda səfərbərlik] – müqəddəs savaşa çağırdı. Çox keçmədən isə öz ordusunun başında Antioxiya yaxınlığında yerləşən Xarim qalasına hücum etdi. Xaçlılar dərhal müsəlmanlara qarşı birləşdilər. İki tərəfin ordusu qarşı-qarşıya gəldi və bu döyüş Nurəddinin möhtəşəm qələbəsi ilə başa çatdı. Firənglər iki min əsgər itirdilər, onlarla cəngavər isə əsir düşdü. Onların arasında tanınmış knyazlar da vardı. 1160–1233-cü illərdə yaşamış məşhur ərəb tarixçisi İbn-əl-Əsir yazırdı: «Döyüşdən dərhal sonra Nurəddin xaçlı bayraqlarını yığmaq və həlak olan firənglərin bir neçəsinin başını kəsmək barədə əmr verdi. Sonra onların hamısını bir kisəyə yığdırıb özünün ən tədbirli adamlarından birinə verib dedi: «Yubanmadan gedərsən Bilbeysə, nəyin bahasına olursa olsun, girərsən şəhərə. Bu kisəni Şirkuha verib deyərsən: «Allah bizə qələbə nəsib elədi!» Sonra da deyərsən ki, «bu kafir bayraqlarını və kəllələrini qala divarlarından assın. Düşmənlər bunu görüb qorxuya düşəcəklər».
Nurəddinin bu psixoloji gedişi öz bəhrəsini verdi. Onun göndərdiyi «qənimət» şəhər müdafiəçilərini ruhlandırdı, firəngləri isə mənəvi baxımdan əməlli-başlı sarsıtdı. Xarim qalası yaxınlığındakı məğlubiyyətdən xəbər tutan xaçlılar başılovlu şəkildə Qüdsə tələsdilər. I Amorinin gözünə artıq Qahirə görünmürdü, o, indi ancaq öz krallığını xilas etmək haqqında düşünürdü. Odur ki Qüds kralı vaxt itirmədən Şirkuhla danışıqlara başladı.
I Amori təklif edirdi ki, xaçlılar və suriyalılar Misiri eyni vaxtda tərk etsinlər. Şirkuhun ətrafındakı əmirlərin bir çoxu bu təklifə müsbət cavab verilməsi tərəfdarı idi. Şirkuh isə başqa fikirdə idi: o əmin idi ki, onsuz da Qüds kralı əvvəl-axır Misirdən rədd olub gedəcək. Çünki indi I Amori ancaq öz krallığının hayına qalmışdı. Belədə isə Qahirənin Suriyadan asılılığı qəbul etməkdən başqa yolu olmayacaqdı. Bir çox sərkərdələr də firənglərin təklifi ilə razılaşmaq tərəfdarı idi. Bunu görən Şirkuh böyük hərbi şura çağırdı. Şurada Səlahəddin həmin sərkərdələrə dəstək verdi. Bildirdi ki, ən doğru qərar I Amorinin təklifini qəbul etməkdir. Beləliklə, Şirkuh əksəriyyətin fikri ilə razılaşmalı oldu. Nəticədə 1164-cü ilin oktyabrında Qüds kralı öz ordusunu Fələstinə çəkdi, bundan bir qədər sonra – noyabrın 6-da isə Şirkuh öz qoşunu ilə birgə Dəməşqə qayıtdı. Bununla belə, o, Misirin maddi və mənəvi zənginliklərini yaxından gördüyü üçün gec-tez bu ölkənin hakimi olmağa qərar vermişdi. Eyni zamanda onu aldatdığı üçün Şavirə qarşı hədsiz qəzəbli idi və əvvəl-axır Fatimilərin vəzirini cəzalandıracağına and içmişdi. Bütün bunlar isə Şirkuhun nə vaxtsa yenidən Misirə dönməsini qaçılmaz edirdi. Odur ki Dəməşqə qayıtdıqdan sonra tez-tez Qahirənin fəth edilməsinin vacibliyini dilə gətirirdi. Nurəddin bir müddət Şirkuhun bu sözlərini qulaqardına vurdu. Onun fikrincə, Misir üzərinə yenicə başa çatan hücumla kifayətlənmək daha doğru idi. Çünki bu yürüş Dəməşq hakiminə yetərincə baha başa gəlmişdi.
Şirkuhun Misirlə bağlı niyyətindən xəbər tutan Şavir önləyici tədbirlərə əl atmaq məcburiyyətində qalmışdı. O, I Amoriyə məktub yollayıb müttəfiqlik barədə müqavilə bağlamağı təklif etdi. Nurəddin həmin təklif barədə eşidincə əsəbiləşdi. Fürsətdən istifadə edən Şirkuh onu inandırmağa çalışdı ki, bu müttəfiqlik gerçəkləşərsə, Misir qısa vaxtda tamamilə firənglərin əlinə keçəcək. «Onda Qüdsü azad etmək yaddan çıxacaq, Dəməşqlə Hələbin hayına qalmalı olacağıq», – Şirkuh deyirdi. Bu sözlər Nurəddinin ağlına batdı. Dəməşq hakimi 1166-cı ilin sonunda Şirkuhu böyük bir qoşunla Misir üzərinə yollamaq qərarına gəldi. Bu səfər zamanı da Səlahəddin əmisinin köməkçisi vəzifəsini yerinə yetirəcəkdi.
1167-ci il yanvarın 6-da Şirkuhun ordusu Dəməşqdən yola çıxdı. Bu xəbər dərhal Şavirə çatdı. O da, öz növbəsində, I Amorini məsələdən agah elədi. Qüds kralı dərhal Qahirənin köməyinə xaçlı qoşunu göndərdi.
Yolda Şirkuhun ordusu səhradan qalxan qum fırtınası ilə üzləşdi. Nəticədə xeyli əsgər həlak oldu, eyni zamanda azuqə ehtiyatının və digər zəruri şeylərin çox hissəsi yararsız vəziyyətə düşdü. Şübhəsiz, bu da Suriya ordusunu zəiflətdi, ancaq Şirkuhu qətiyyən ruhdan salmadı. O, həqiqətən də, mahir sərkərdə idi. Düşmənin gedişlərini dərindən ölçüb-biçir və çevik, eyni zamanda ağıllı qərarlar qəbul edirdi. Bu zaman I Amori Şirkuhun qoşunlarının şərq istiqamətindən gələcəyini zənn edib Qahirədə mövqe tutmaq fikrinə düşdü. Bunu eşidən Şirkuh dərhal ordusunu qayıqlarla Nil çayının digər sahilinə keçirdi. Qısa müddət sonra isə Qahirənin qərbində – Amorinin arxa cəbhəsində peyda oldu. Bundan sonra Şavirə son şans verdi. Ona aşağıdakı məzmunda məktub göndərdi: «Firənglər ayağımızacan gəliblər. Belə fürsət bir də ələ düşməz. Səhvindən nəticə çıxar və din qardaşlarının tərəfində ol». Şirkuhun planı sadə idi: suriyalılar misirlilərlə birləşərək xaçlıları mühasirəyə ala və onları son nəfərinə qədər məhv edə bilərdilər. Bundan sonra isə Qüdsü də, bütün Qüds krallığını da xaçlılardan azad etmək asan məsələ idi.
Şirkuh məktubu Nəsiri adlı gənc bir döyüşçü ilə yolladı. Şavir məktubu aldı, oxudu, ancaq Şirkuha inanmadığı, onu kafirlərdən də qorxulu hesab etdiyi üçün xaçlılarla ittifaqı möhkəmləndirmək yolunu seçdi. Hətta Qüds krallığı ilə müttəfiqliyə sadiq qalacağına dair gənc xəlifəyə and da içdi. Ardınca elə xəlifənin gözü qarşısında Nəsirinin boynunu vurub kəlləsini suriyalıların düşərgəsinə göndərməyi əmr etdi.
Elçisinin kəsik başını görən Şirkuh bərk hirsləndi. Lakin qəzəbini boğub əlində Nəsirinin kəlləsi ordusunun qarşısına çıxdı. Əsgərlərinə xitabla dedi: «And içirəm ki, Nəsirinin qisasını almayınca qəlbim soyumayacaq. İndi onun kəlləsini tutduğum əlimdə tezliklə öz müsəlman qardaşını qətlə yetirən satqının kəsilmiş başını görəcəksiniz».
Şavirin başı firənglərlə danışıqlara qarışdığından Şirkuh və ordusu dincəlmək, qum fırtınasının vurduğu yaraları sağaltmaq üçün vaxt qazandı. Nəhayət, xaçlı ordusunun üstünə gəldiyini eşidən Şirkuh düşməni tələyə salmaq qərarını aldı. O, ölkənin dərinliklərinə çəkilməyə başladı. Məqsədi onu təqib edən xaçlıları ərzaq və su mənbələrindən uzaqlaşdırmaq idi. Suriya qoşunu Əl-Babində dayandı. İki ordu arasında döyüş də elə bu yerdə baş verdi. Bir çox tarixi qaynaqlarda yazılanlara inansaq, həmin döyüşdə həlledici rolu məhz Səlahəddin oynamışdı. Belə ki, əmisi mərkəzi bölüyə başçılıq etməyi ona tapşırmışdı. Bu bölük türklərdən ibarət əsgərlərdən təşkil olunmuşdu. Səlahəddin mərkəzdən hücuma keçib əvvəlcədən müəyyənləşdirilmiş məqamda isə geri qaçmalı idi. Firənglər onun bölüyünü təqib etməyə başlayacaq, bu zaman Şirkuhun digər bölükləri sağ və sol cinahlardan I Amorinin qoşununu əhatəyə alacaqdı. Hər şey planlaşdırıldığı kimi oldu. Suriya ordusunun mühasirəsinə düşən firənglər başlarını itirdilər. Onların çoxu qılıncdan keçirildi, Qüds kralının özü isə ona sadiq olan cəngavərlərin köməyi ilə canını zorla qurtardı.
Düzdür, Səlahəddinin bölüyü də daxil olmaqla suriyalılar bu döyüşdə firənglərdən daha çox itki verdilər. Lakin savaş meydanında qalib gəlməyi bacardılar.
Onu da deyək ki, Səlahəddin sonralar həmin döyüşdəki taktikadan dəfələrlə istifadə edəcəkdi: guya düşmən qarşısından qaçdığını göstərməklə rəqib ordunu tələyə salmaq, yəni öz üzərinə çəkmək, uyğun məqamda isə cinahlardan hücuma keçərək onu pərən-pərən salmaq və məhv etmək! Qədim vaxtlardan türk sərkərdələrinin sevimli fəndi olan bu hərbi taktika Səlahəddinə çox qələbələr qazandıracaqdı…

İsgəndəriyyənin mühasirəsi
Suriya ordusunun əlindən güc-bəla ilə qurtulan I Amori özünü Qahirəyə çatdırdı. Burada yeni hərbi yürüş hazırlıqlarına başladı. Əl-Babindəki məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanan Qüds kralı intiqam almağa tələsirdi. Ancaq təcrübəli sərkərdə olan Şirkuh Əsədəddin də bu vaxt boş dayanmamışdı. O, Misirin şimal vilayətlərini dolaşıb axırda İsgəndəriyyə şəhərinə gəlib çıxdı. Təməli böyük fateh Makedoniyalı İsgəndər tərəfindən qoyulan, Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən bu şəhərin əhalisi onu xilaskar kimi qarşıladı. Şirkuh parlaq bir nitqlə xalqa müraciət etdi: «Mən sizi müdafiə etməyə gəlmişəm. Təkcə müsəlmanların yox, yəhudilərin və xristianların da hüquqlarının qorunacağına təminat verirəm!»
Daha sonra şəhəri qardaşı oğluna əmanət edib Yuxarı Misirə doğru yola düşdü.
Bu vaxt I Amori Suriya ordusunun İsgəndəriyyədə olduğunu eşidib bu nəhəng şəhəri mühasirəyə almağa tələsdi. Çox keçmədi ki, xaçlıların hərbi-dəniz donanması peyda oldu. Şəhər hər tərəfdən üzük qaşı kimi mühasirəyə alındı. Əhali aclıqdan əziyyət çəkməyə başladı. Suriya ordusunun da durumu ürəkaçan deyildi. Lakin Şirkuh həmişəki kimi ümidini itirmir, xüsusilə qardaşı oğlunun məharətinə güvənirdi. Ona görə də İsgəndəriyyənin müdafiəsini təşkil etmək Səlahəddinin üzərinə qoyulmuşdu.
Xaçlılar tədricən təzyiqi artırırdılar: hər gün mancanaqlarla şəhərə daha çox daş və od yağdırılırdı. Buna baxmayaraq Səlahəddin şəhərin təslim edilməsini ağlına da gətirmirdi. Sonralar demişdi ki, həmin günlərdə yeganə qorxusu aclıq və susuzluq sarıdan idi, qəlbində düşmən qılıncının qorxusuna əsla yer yox idi. Şəhər əhalisinin aclıqdan əziyyət çəkməsi Səlahəddinin qanını möhkəm qaraltmışdı, o özü də İsgəndəriyyə sakinləri ilə birgə əzab çəkir, yemir, içmirdi. Vəziyyət isə getdikcə daha dözülməz hal alırdı.
Belə bir vaxtda Şirkuh Yuxarı Misirdə Şavir əleyhinə üsyan qaldırıb yerli əhalidən böyük bir ordu topladı. Həmin ordu ilə Qahirə yaxınlığına gəldi. Buradan I Amoriyə məktub göndərdi. «Hər ikimiz boş yerə vaxt itiririk. Əgər soyuq ağılla düşünsəniz, anlayacaqsınız ki, məni Misirdən uzaqlaşdırmanın sizə heç bir faydası olmayacaq. Bu yalnız Şavirin maraqlarına xidmət edəcək. Ona güvənməklə böyük səhvə yol verirsiniz» – məktubda belə yazılmışdı. Bu məktubdan sonra Şirkuhla I Amori arasında danışıqlar başladı. Həmin danışıqlar hər iki ordunun 1167-ci ilin avqustunda eyni vaxtda Misiri tərk etməsi ilə nəticələndi. Firənglər İsgəndəriyyənin mühasirəsini qaldırdı. Səlahəddin şəhərdən xaçlıların mühafizə dəstəsinin nəzarəti altında çıxdı. Beləliklə, xaçlılarla suriyalıların Misir uğrunda mübarizəsindən bu dəfə də qalib çıxan olmadı.
Şirkuh üçün I Amori ilə anlaşma vaxt qazanmağa xidmət edirdi. O, Misirə növbəti dəfə daha güclü şəkildə qayıtmağın planlarını hələ Dəməşqə qayıtmazdan əvvəl qurmağa başlamışdı.

Səlahəddinin taleyini dəyişdirən yürüş
Bunun üçün isə çox gözləmək lazım gəlmədi. Firənglərlə imzalanan müqavilə yeni və ağır vergilərə gətirib çıxardı. Cəngavərlərin himayə etdiyi avropalı tacirlər Misir bazarlarında özlərini ölkənin sahibi kimi aparırdılar. Üstəlik, cəngavərlərin özbaşınalıqları da günbəgün artırdı. Nəticədə yerli əhaliylə gəlmələr arasında düşmənçilik daha da alovlanırdı. Misirlilərin narazılığı özünü açıq büruzə verməyə başlamışdı. Hətta xəlifənin ətrafında belə baş verənlərdən narahat olanların sayı kifayət qədər idi. Onların fikrincə, Qüds kralı ilə üzülüşmək və Nurəddindən yardım istəmək lazımdır. Şavirin sarayındakı Dəməşq casusları bütün bunlar barədə mütəmadi olaraq Suriyaya məlumat yollayırdılar.
Misirin gələcək taleyini isə 1168-ci ilin payızında baş verən hadisələr müəyyənləşdirdi. Avropadan yardıma gələn qüvvələr sayəsində daha da güclənən I Amori Qahirədə saxladığı qarnizona kömək bəhanəsi ilə Misirə soxuldu. Tez bir zamanda Bilbeysi tutdu. Şəhər heç bir müqavimət göstərməsə də, xaçlılar Bilbeysi sözün əsl mənasında qan gölünə çevirdilər. Uşaq, qadın, qoca demədən hamını qılıncdan keçirdilər. Heç bir izahı olmayan bu qəddarlıq Misir xalqını dəhşətə gətirdi. Həmin qırğından sonra yalnız sadə insanlar yox, hətta o vaxtacan xaçlılara kifayət qədər tolerant yanaşan kübar qahirəlilər də onlardan üz döndərdilər. İşi belə görən Şavirin dünənəcən müttəfiq olduğu Qüds krallığına savaş elan eləməkdən başqa yolu qalmadı. Firəng ordusunun paytaxta yaxınlaşdığını öyrənən Şavir Qahirənin «Köhnə şəhər» adlanan hissəsini yandırmağı əmr etdi. Oradakı əhalini isə X əsrdə salınmış yeni məhəllələrə köçürtdü. Köhnə Qahirədə yanğınlar düz bir ay davam etdi. Bu alov «divarı» xaçlıların irəliləməsinə ciddi şəkildə mane oldu. Xəlifə əl-Ədid isə tələm-tələsik Nurəddinə məktub göndərdi. Həmin məktubun içinə saç telləri qoyulmuş və belə yazılmışdı: «Bu mənim qadınlarımın telləridir. Yalvarırlar ki, gəlib onları kafirlərdən qurtarasınız».
Artıq Dəməşqin, eyni zamanda Hələbin hakimi olan Nurəddinin əlində Şirkuhu yenidən Misirə göndərmək üçün tutarlı əsas vardı. Bu fürsəti əldən buraxmaq axmaqlıq olardı. Məktubun yetişdiyi gün Şirkuh Xoms şəhərində idi. Nurəddin Səlahəddinə tapşırdı ki, təcili əmisinin yanına gedib ona Hələbə dönməsini çatdırsın. Şirkuhun casusları yaxşı işləyirdi. Ona son baş verənlərlə bağlı çoxdan məlumat çatdırmış, Şirkuh da məsələdən hali olan kimi Xomsdan yola çıxmışdı. Odur ki əmi və qardaşoğlu yarı yolda rastlaşdılar. Şirkuh Səlahəddinə hər şeydən xəbərdar olduğunu dedi, ikisi birlikdə Nurəddinin yanına tələsdilər. Dəməşq hakimi ilə görüşdən sonra nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildi: Nurəddin Şirkuha Misir üzərinə hərbi yürüşə başlamağı, üstəlik, bu dəfə də Səlahəddini özünə baş köməkçi götürməyi əmr edəcəkdi. Bəzi tarixçilərin yazdığına görə, Səlahəddin əvvəlki iki yürüşdə olduğu kimi, indi də Misir səfərində iştirak etmək fikrindən uzaq idi və bunu əvvəlcədən əmisinin diqqətinə çatdırmışdı.
«Səlahəddin məni görüb dedi: «Bu səfərə çıxmağı hamıdan az arzulayan mənəm. İxtiyar öz əlimdə olsa, qətiyyən yürüşə qoşulmazdım»», – o dövrün məşhur ərəb tarixçisi, eyni zamanda sonralar Səlahəddin Əyyubinin bioqrafı kimi tanınan Bəhaəddin Şəddad (1145–1234) belə yazır. «Səlahəddinin həyatı» adlı əsər qələmə almış tarixçi dərhal da əlavə edirdi: «Uca Allah belə buyurur ki, bəzən sizin ürəyinizcə olmayan bir şey sizin xeyrinizə olur». Görünür, bunun başlıca səbəbi Səlahəddinin əvvəlki hisslərinin yenidən güclənməsi idi: o, dinc, ruhani həyat tərzi keçirmək istəyirdi.
Misirə üçüncü səfər zamanı Səlahəddinin ayaqları az qala yerimirdi, sanki onu dara çəkməyə aparırdılar. Gələcək sultan bunu gizlətmirdi də… Sonralar həmin səfərdən söz düşəndə də dəfələrlə bunu etiraf eləmişdi.
Nəhayət, 1168-ci ilin dekabrında Suriya ordusu Misirə daxil oldu. Ancaq gözlənilən qanlı toqquşma baş vermədi: ötən yürüşdə olduğu kimi, bu dəfə də suriyalılar tərəfindən tələyə salınacağından qorxan I Amori 1169-cu ilin yanvarın ilk günlərində ordusunu geri çəkərək Fələstin torpaqlarına qayıtdı. Həmin il yanvarın 8-də Şirkuh təntənəli şəkildə Qahirəyə daxil oldu. Şavir həm firəngləri qovduğuna görə minnətdarlığını ifadə etmək, həm də keçmiş xəyanətlərinin bağışlanması üçün əfv diləmək niyyəti ilə Şirkuhun ayaqlarına döşəndi. Ancaq Şirkuh onu bağışlamaq fikrində deyildi. O bilirdi ki, Şavirin «tövbə»sinin səmimiliyinə inanmaq sadəlövhlükdür və gələcəkdə bunun əziyyətini çəkə bilər.
Bəs, görəsən, Şirkuh dönüklüyü az qala özünə peşə eləmiş Şaviri necə cəzalandırmışdı? Bununla bağlı bir neçə versiya var. Versiyalardan biri belədir: Şirkuhla Səlahəddin vəziri özləri ilə götürüb xəlifə əl-Ədidin sarayına gəlirlər. Xəlifənin yumru və xəstəhal sifəti, qadın səsini xatırladan incə səsi Səlahəddini pis mənada heyrətləndirir.
«Sən bizi köməyə çağırmışdın. Budur, biz gəlmişik!» – Şirkuh xəlifəyə deyir. Əl-Ədid ona təşəkkür edib mükafat olaraq nə istədiklərini soruşur, Şirkuh cavab verir: «Şavirin başını!» Xəlifə əl işarətiylə razılığını bildirəndən sonra vəzirin kəlləsi qoparılır. Deyilənə görə, Şirkuh vəzirin başını bədənindən şəxsən öz əliylə ayırmışdı…
Yeri gəlmişkən, Şavirin kəlləsi barədə də iki rəvayət var. Bir rəvayətdə deyilir ki, Şirkuh keçmiş düşməninin kəsik başını bütün Qahirəyə nümayiş etdirmiş, bununla da verdiyi sözü tutduğunu – qətlə yetirilən elçisinin qisasını artıqlaması ilə aldığını göstərmək istəmişdi. Başqa bir rəvayətə görə, vəzirin kəlləsi Bağdad xəlifəsinin sarayına göndərilir.
Misirdə qəbul edilmiş qaydalara görə vəziri devirən adam onun yerini tuturdu. Beləliklə, 1169-cu il yanvarın 18-də Şirkuh Şavirin yerinə keçdi və Misirdə faktiki hakimiyyət sahibi oldu. Bununla da çoxdankı arzusu həyata keçdi.
Həmin vaxt Şirkuhun ixtiyarında Nurəddinin iki min süvarisi, altı min muzdlu türkmən atlısı, beş yüz məmlük, bir neçə min kürd döyüşçüsü vardı. Bu qədər böyük bir ordunu nə iləsə saxlamaq lazımdı: sərkərdələrdən tutmuş sıravi əsgərlərə qədər hər kəsi maddi cəhətdən razı salmaq lazımdı, əks halda fərarilik baş alıb gedə bilərdi. Şirkuh isə böyük sərkərdə olsa da, dövlət işlərindən başı çıxmırdı. Üstəlik, dövlət işləri ilə məşğul olmağa həvəsi də yoxdu. Buna görə də Misirin idarəçilik məsələləri 31 yaşlı Səlahəddinin üzərinə düşürdü. Atasından öyrəndikləri, kitablardan aldığı biliklər, Nurəddinin sarayında topladığı təcrübə indi onun əməlli-başlı karına gəldi. Çox keçmədən Misirin faktiki hökmdarı artıq Səlahəddin idi. Şirkuhun başı isə bir-birini əvəzləyən ziyafətlərə, təmtəraqlı məclislərə qarışmışdı. Ət yeməklərinə düşkün olan yeni vəzir yeməklə doymur, bəs deyincə şərab, şərbət içirdi. Hər belə ziyafətdən sonra mədəsində kəskin ağrılar başlayır, yaxın adamları ona pəhriz saxlamasını məsləhət görsə də, bu öyüdləri bir qulağından alıb digərindən ötürürdü. Nəticədə 1169-cu il martın 23-də növbəti ziyafətdən sonra Şirkuhu qəfildən öskürək tutdu və yerə yıxıldı…
Onun qəfil ölümü ordunu yasa batırdı və qarışıqlığa səbəb oldu. Vəzirin dəfnindən sonra əmirlər məsləhətə yığışdılar. Uzun-uzadı çıxışlardan sonra Səlahəddin yeni vəzir seçildi. Bunun bir neçə səbəbi vardı. Birincisi, demək olar, onların heç birinin şübhəsi yoxdu ki, son nəfəsdə macalı olsaydı, Şirkuh da qardaşı oğlunu öz varisi elan edərdi. İkincisi, Səlahəddin onsuz da dövlət məsələləri ilə yaxından məşğul idi, qısa müddətdə bir çox uğurlara imza atmış, xeyli islahatlar aparmış və Misirin idarəçiliyində özünəməxsus yeniliklər etmişdi. Bütün bunlar isə çoxları tərəfindən təqdirlə qarşılanırdı. Üçüncüsü, əmirlər öz yerində, hətta xəlifə əl-Ədidin müşavirləri də Səlahəddinin namizədliyi üzərində dayanırdılar. Onlar belə düşünürdülər ki, hərbi və siyasi işlərdən yaxşı baş çıxaran Şirkuhla müqayisədə Səlahəddin hələ çox təcrübəsizdir. Bu səbəbdən də onu asanlıqla öz təsirləri altına ala biləcəklərini, beləliklə də, gizli istəklərini (məsələn, xəzinə pulları üzərində nəzarəti) rahatca həyata keçirəcəklərini zənn edirdilər.
Beləliklə, Şirkuhun dəfn mərasimindən dərhal sonra Səlahəddin xəlifə sarayına dəvət olundu və qızıl işləməli vəzir türbanı (çalmanı) təntənəli şəkildə onun əyninə geyindirildi. Bunun ardınca hakimiyyət atributlarının hamısı – qiymətli daş-qaşla bəzədilmiş xəncər, qılınc, ipək paltar və s. yeni vəzirə təqdim edildi. Təntənəli mərasimdən sonra Səlahəddin sultan elan edildi və ona «əl-məlik ən-nəsr» (müzəffər hökmdar) ləqəbi verildi.

Səlahəddin Misirin mütləq hakiminə çevrilir
Əmisinin qəfil ölümü hamıdan çox Səlahəddini sarsıtmışdı. Onun kədərli sonluğundan ibrət götürüb yeməyinə xüsusi fikir verməyə başladı, şərabdan imtina etdi, mütəmadi pəhriz saxlamağa başladı. Üstəlik, islamın mühüm buyruqlarına bircə-bircə əməl etməyi qərara aldı. Səlahəddin düşünürdü ki, bu ona gözləmədiyi halda hakimiyyət bəxş edən Allaha da xoş gedər. Çox keçmədən isə gənc sultan yalnız bir şey barədə – müsəlman torpaqlarını xaçlılardan qurtarmaq haqda fikirləşirdi. O özünü inandırmışdı ki, bu müqəddəs vəzifəni Uca Yaradan Dəməşq və Hələbin hakimi Nurəddinə yox, məhz Misirin yeni hökmdarına tapşırıb. Bəhaəddin Şəddad yazır ki, bir dəfə Səlahəddinin belə dediyini öz qulaqları ilə eşidib: «Allah Misirin hakimiyyətini belə asanlıqla mənə bəxş edəndə anladım ki, o, müsəlman aləmini də kafirlərdən məhz mənim əlimlə təmizləmək istəyir».
Fərqli salnamələr və tarix kitablarından oxuyuruq ki, Misirdə hakimiyyətə gəldiyi ilk aylar Səlahəddin üçün çox ağır keçib. Həmin dövrdə o, dövlət işlərində böyük səriştəsi olan, üstəlik, saray çəkişmələrindən yaxşı baş çıxaran atası Nəcməddin Əyyubun köməyinə ciddi ehtiyac duyurdu. Üstəlik, doğma ailəsindən və bütün qəlbi ilə bağlandığı Dəməşqdən uzaqda özünü olduqca tənha hiss edirdi. Lakin möhkəm iradəsi sayəsində Səlahəddin idarəçilik işlərini axsatmamağa çalışır, hələ əmisinin dövründə başlanan islahatları davam etdirirdi. Tezliklə onun bir çox öndərlik xüsusiyyətləri üzə çıxmağa başlamışdı: Səlahəddin bacarıqlı, işgüzar adamları boşboğaz və yaltaqlardan dərhal fərqləndirir, vəzifələrə təyinat zamanı yalnız birincilərə üstünlük verirdi. Nəticədə gənc sultan qısa vaxtda ətrafına kifayət qədər savadlı kadr toplaya bildi. Ən əsası isə ona tabe olan ordunu gücləndirdi, əsgərlərin sayını artırdı. Həmin dövrdə hər əmirin qoşunu onun öz adıyla adlanırdı. Bu səbəbdən də Səlahəddinə tabe olan qoşun «səlahiyyə» adlandırıldı. Misir yeni işğal olunduğu zaman «səlahiyyə» cəmi 500 döyüşçüdən ibarətdi. Əmisi Şirkuh Əsədəddinin ordusu isə «əsədiyyə» adlanırdı, 1000 döyüşçüsü vardı. Misirdəki Suriya ordusunun əsasını isə «nuriyyə» təşkil edirdi, çünki onu Dəməşq hakimi Nurəddin şəxsən yaratmışdı, baş sərkərdəsi də elə onun özü idi.
Səlahəddin Misir vəziri elan olunduqdan sonra «nuriyyə» yeni sultana sadiqliyini açıq şəkildə bəyan etmişdi. Lakin gənc vəzir anlayırdı ki, «nuriyyə» o vaxta qədər ona sadiq olacaq ki, onun özü də Nurəddinə sədaqətli olsun, Dəməşq hakiminin əmrlərindən çıxmasın. Odur ki Səlahəddin vaxt itirmədən «səlahiyyə»ni sayca gücləndirməyə başladı. Bu məqsədinə çatmaq üçün isə xeyli səxavətli davranır və Misir xəzinəsindən kifayət qədər qızıl xərcləyirdi.
Beləliklə, Qahirədəki hakimiyyətini günü-gündən gücləndirən gənc vəzirin davranışları xəlifənin ətrafını narahat etməyə başladı. Onlar Səlahəddini yaxşı tanımadıqlarını indi anlayırdılar. Artıq əl-Ədidin əyanları həm Səlahəddindən, həm də suriyalı gəlmələrdən necə qurtulmaq barədə fikirləşirdilər. Sultan da bunun fərqində idi. Onu ən çox qıcıqlandıran nubiyalı[10 - Nubiya – Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə] hərəmağası Naci idi. Naci xəlifə üzərində böyük təsirə malik idi. Şayiələr gəzirdi ki, o, əl-Ədidi hələ uşaq ikən əsrara[11 - Əsrar – yarpaqlarından narkotik maddə alınan bitki] alışdırmışdı. Buna görə də hərəmağasından asılı vəziyyətə düşmüşdü. Halbuki həm xəlifənin, həm də digər əyanlarının Nacidən ehtiyatlanmasının daha ciddi səbəbi vardı. Belə ki, hərəmağası 40 minlik süvari və 30 minlik piyada qoşuna sahib idi. Əsasən, qaradərililərdən ibarət olan, yaxşı təlim görmüş bu nubiyalı döyüşçülər öz ailələriylə birlikdə Qahirənin ayrıca bir məhəlləsində yaşayırdılar.
Naci gecə-gündüz gənc vəzirdən can qurtarmağın yollarını axtarırdı. Axırda Şavir kimi Qüds kralı I Amorinin ətəyindən yapışmaq qərarına gəldi. Ona belə bir məzmunda məktub yolladı: «Əgər firənglər Qahirə üzərinə yeriyərsə, nubiyalılar da daxildən qiyam qaldırar. Bununla da Səlahəddinin işini bitirə bilərik».
Səlahəddinin xəlifə sarayındakı casusları Nacinin bu niyyətini öyrənib vəzirə xəbər apardılar. Sultan dərhal hərəmağasının adamlarının həbsini əmr etdi. Ardınca Nacinin şəhərkənarına çıxacağı vaxtı gözləyib onu elə yerindəcə öldürməyi tapşırdı. Bu tapşırıq tezliklə yerinə yetirildi. Hərəmağasının ölüm xəbəri nubiyalılar arasında böyük səs-küyə səbəb oldu. Nubiyalı əsgərlər hərəmağasının qaradərili olduğu üçün öldürüldüyünü bəyan etdilər. Bildirdilər ki, ağdərili Səlahəddin və adamları buna görə cavab verməlidirlər. Səlahəddin nubiyalı sərkərdələrə məktub yollayıb onlara izah etdi ki, Allah qatında müsəlmanların dərisinin hansı rəngdə olmasının heç bir fərqi yoxdur. Yeganə fərq möminlərlə kafirlər arasındakı fərqdir. «Bir sözlə, Naci qaradərili olduğuna görə yox, kafirlərlə işbirliyində olduğuna görə cəzalandırılıb», – məktubda deyilirdi.
Lakin nubiyalılar Səlahəddinin məktubuna əhəmiyyət vermədilər və yaxşı silahlanmış şəkildə suriyalıların məskunlaşdığı məhəllələrə sarı irəliləməyə başladılar. Əslində, bu, Səlahəddin üçün gözlənilməz deyildi. Odur ki qoşununu əvvəlcədən hazır vəziyyətə gətirmişdi. Suriyalılar nubiyalılardan sayca az idilər. Onlar Nacinin döyüşçülərini ox yağmuru ilə qarşıladılar. Beləcə, Qahirə küçələrində qanlı döyüşlər başladı və bu vuruşma bir neçə həftə davam etdi. Nəhayət, suriyalılar yavaş-yavaş nubiyalıları öz məhəllələrinə doğru sıxışdırmağı bacardılar. Qətlə yetirilmiş hərəmağasının əsgərləri axırda təslim olmaq məcburiyyətində qaldılar. Hər iki tərəf bu döyüşlərdə çoxlu itki verdi. Bununla belə, həm fitnəkar hərəmağasının öldürülməsi, həm nubiyalı döyüşçülərin qaldırdığı qiyamın qətiyyətlə yatırılması istər sərkərdələr, istərsə də sıravi döyüşçülər arasında Səlahəddinin nüfuzunu daha da yüksəltdi. Üstəlik, vəziri Misirin mütləq hakiminə çevirdi. Bununla belə, onun vəziyyəti hələ də xeyli dərəcədə qeyri-müəyyən idi. Məsələ burasındadır ki, Səlahəddin Misirə Dəməşq hakiminin – Nurəddinin əmriylə əmisinə qoşulub gəlmişdi. Belədə formal da olsa, onun əmirlərindən biri sayılırdı. Lakin hakimiyyətin şirinliyini dadan Səlahəddin artıq özünü kimdənsə, o cümlədən Nurəddindən asılı vəziyyətdə görmürdü. Bu vəziyyətdən çıxış yolu axtaran sultanın qarşısında bir neçə əngəl vardı. Maneələrin ən böyüyü isə o idi ki, ətrafındakı suriyalı əmirlər Misirdə şiəliyi ləğv edib yerində «əsl» islam məzhəbini – sünniliyi bərqərar etmək istəyirdilər. Elə Nurəddinin də istəyi bu idi. Ona görə də Səlahəddinə dəfələrlə təklif eləmişdilər ki, xəlifə əl-Ədidi gizlicə aradan götürsün, bununla da Misir «həqiqi» xəlifənin – Bağdad xəlifəsinin təsir dairəsinə keçsin. Lakin bir sıra səbəblər üzündən Səlahəddin bu təklifi qəbul etməyə tələsmirdi. Birincisi, o, əlini gənc xəlifənin qanına bulaşdırmaq istəmirdi. Xəstəhal bir şəxsə əl qaldırmaq, sui-qəsd təşkil etmək Səlahəddinin xarakterinə zidd idi. İkincisi, əl-Ədid hələ ki ona mane olmur, əksinə, bütün qərarları ilə hesablaşırdı. Elə isə, onu aradan götürmək nəyə lazımdır?! Üçüncüsü: Səlahəddin anlayırdı ki, əl-Ədidin hakimiyyətdən uzaqlaşdırılması Nurəddinin özünü Suriya ilə bərabər Misir sultanı da elan etməsinə gətirib çıxara bilərdi. Belədə isə Səlahəddin tamamilə ondan asılı vəziyyətə düşəcəkdi. Nurəddinə savaş açmaq barədə isə hətta düşünməyə də dəyməzdi: çətin ki gənc vəzirin suriyalılardan ibarət ordusu Dəməşq hakiminə qarşı döyüşməyə razı olardı. Nəhayət, dördüncüsü, şiəlikdən sünniliyə qəfil dönüş bu iki məzhəbin tərəfdarları arasında qarşıdurmaya, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilərdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289520) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Səlcuqlar – XI əsrin ortalarından etibarən Kiçik Asiya ərazisində, İran və İraqda böyük dövlət qurmuş köçəri türkmən qəbilələri

2
Atabəy – Böyük Səlcuq dövlətinin süqutu (1154-cü il) nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu

3
Fatimilər – 909–1171-ci illərdə, əsasən, Şimali Afrikada mövcud olmuş xilafət. Tunisdə qurulmuş, 996-cı ildə paytaxtı Qahirəyə köçürülmüşdür. Hazırkı Mərakeş, Əlcəzair, Liviya, Livan və Misirlə yanaşı, sonralar indiki İordaniya, Fələstin, Suriya, eləcə də Siciliya, Malta, Korsika və Sardiniyanı da öz hökmranlığı altında birləşdirmişdir. Fatimilər şiə məzhəbinə mənsub idilər. Bu dövlət adını Məhəmməd peyğəmbərin qızı Fatimədən götürmüşdür.

4
Cəngavər – orta əsrlərdə Qərbi və Mərkəzi Avropada hərbi-zadəgan silkinə mənsub şəxs, ağır silahlı süvari döyüşçü

5
Dinar – keçmişdə Yaxın Şərqin bəzi ölkələrində qızıl pul

6
Sufi – burada: dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adam

7
Səlib yürüşləri – Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə 1096–1272-ci illərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Tarixdə cəmi səkkiz Səlib yürüşü məlumdur.
I Səlib yürüşü ovaxtkı Roma papası II Urbanın çağırışı ilə 1096-cı ildə başlayıb, üç il davam edib və xristianların Qüdsü ələ keçirməsi ilə nəticələnib.
1147–1150-ci illəri əhatə edən II Səlib yürüşü zamanı xristianlar biabırçı məğlubiyyətə uğrayaraq ölkələrinə əliboş geri dönüblər.
1189–1192-ci illəri əhatə edən III Səlib yürüşünün məqsədi Qüdsü Səlahəddin Əyyubinin əlindən geri almaq idi. Xaçlılar Akka başda olmaqla bir çox əhəmiyyətli şəhəri tutsa da, Qüdsün yenidən ələ keçirilməsinə nail ola bilmədilər.
Ümumiyyətlə isə xristianlar yalnız VI Səlib yürüşü zamanı (1228–1229) Qüdsü tutmağa nail oldular. Lakin 1244-cü ildə müsəlmanlar bu müqəddəs şəhəri geri almağı bacardılar.

8
Bədəvi – köçəri, çöllü

9
Cihad – dini əqidə uğrunda müharibə, dini yaymaq yolunda səfərbərlik

10
Nubiya – Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə

11
Əsrar – yarpaqlarından narkotik maddə alınan bitki
Səlahəddin Əyyubi Петр Люкимсон
Səlahəddin Əyyubi

Петр Люкимсон

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Səlahəddin Əyyubi, электронная книга автора Петр Люкимсон на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв