Fateh Sultan Mehmed

Fateh Sultan Mehmed
Andre Klot
Tarixi yaradanlar
Bu kitabı oxuduqca başa düşürsən ki, İstanbulu fəth edərək «Fateh» ünvanı qazanan II Mehmedi avropalılar əbəs yerə «Böyük türk» adlandırmırdılar…

Andre Klot
Fateh Sultan Mehmed


Müharibəni hər kəslə etmək olar, sülhü isə yalnız ləyaqətlilərlə bağlayarlar.
    Fateh Sultan Mehmed

İki dəfə taxta çıxan II Murad
X əsrin sonlarına doğru türk boylarının Orta Asiyadan üzü Aralıq dənizinə – Kiçik Asiyaya köçü başladı. Onlar Xəzər dənizindən Aralıq dənizinə qədər geniş əraziyə yayıldılar. Xüsusilə indiki Türkiyə ərazisində yerləşən Anadoludakı yüksək yaylalarla bu türk boylarının qoyub gəldikləri çöllərin təbii şəraiti arasında xeyli uyğunluq vardı. Anadolu torpaqları istər bitki örtüyü, istərsə də iqlim cəhətdən köçəri türklərə öz dədə-baba yurdlarını xatırladırdı.
Sözügedən tayfalardan biri – Qayı boyu Mərmərə dənizi yaxınlığındakı İznikdə yerləşmişdi. Qayı bəyi Osmanın adı ilə adlanan osmanlılar parçalanaraq zəif düşən Bizansla qarşı-qarşıya qalmışdılar. Onlar ucsuz-bucaqsız Bizans torpaqlarına sahib olmaq, bununla da həm bol qənimət ələ keçirmək, həm dinlərini yaymaq, həm də ümumilikdə daha böyük əraziyə sahib olmaq istəyirdilər.
Nəticədə, 1325-ci ildə İznikin də daxil olduğu indiki Bursa şəhəri ələ keçirildi. 1299-cu ildə qurulan Osmanlı dövlətinin həmin vaxtadək paytaxtı Söğüt idi. Bursanın fəthindən sonra isə məhz bu şəhər düz 35 il osmanlıların paytaxtına çevrildi. 1389-cu ildə indiki Kosova ərazisində tarixi döyüş baş verdi və Serbiya türklər tərəfindən ələ keçirildi, serb hökmdarı 60 yaşlı Lazar Xrebelyanoviç isə qətlə yetirildi. Lazarın sadiq adamlarından biri Osmanlı padşahı Sultan I Murada sui-qəsd təşkil etdi, onu öldürərək ağasının qisasını aldı.
Tarixə «Kosova Meydan müharibəsi» kimi düşən həmin tarixi döyüşdən sonra osmanlılar böyük dəstələr şəklində Avropanın cənub şərq hissəsində – Balkan yarımadasında məskunlaşmağa başladılar. Beləliklə də, həmin ərazidəki yerli xalqların «barbar» adlandırdıqları türklərin dövrünə görə olduqca mükəmməl təşkilatlanmış, nizami ordusunun Orta Avropaya doğru yolu açılmış oldu. Həmin ordu qısa müddətdə böyük uğurlara imza atdı. Bunda xristian aləminin daxili ixtilaflar nəticəsində gücsüz, parçalanmış vəziyyətdə olması da mühüm rol oynadı.
XV yüzillik Avropa üçün olduqca pis başlamışdı: aclıq, qıtlıq at oynadır, üstəlik, yoluxucu xəstəliklər, xüsusilə qara vəba yeni yüzilliyin əvvəllərindən etibarən bu qitəni ağır sınaq qarşısında qoyurdu. Bunlar azmış kimi, İngiltərə ilə Fransa arasında 1337-ci ildə başlayan və xırda fasilələrlə hələ də davam edən, sonralar tarixə «Yüzillik müharibə» kimi düşəcək qorxunc savaş da Avropanı heydən salmaqda idi.
Həmçinin Roma papalığının 1309-cu ildə Fransada yerləşən Avinyon şəhərinə köçürülməsi xristian dünyasındakı qütbləşməni dərinləşdirmiş, dini parçalanmaya yol açmışdı. Hər təzə gələn papanı yüz illər öncə onlardan ayrılmış Konstantinopol (indiki İstanbul) kilsəsilə əlaqələri bərpa etmək kimi çətin vəzifə gözləyirdi. 1439-cu ildə Florensiyada kilsədaxili birlik əldə olunsa da, bu ruhani təbəqənin böyük əksəriyyəti tərəfindən rədd edildi. Getdikcə artan Osmanlı təhlükəsinə baxmayaraq yunan keşişlər latınlara qarşı kin bəsləməkdən əl çəkmirdilər.
Osmanlıların Konstantinopol və Orta Avropaya basqınlarının qarşısını almaq vəzifəsini papalıq öz öhdəsinə götürmüşdü. Lakin onun bu işdə aciz qaldığı get-gedə daha aydın görünürdü.
Düzdür, XV əsrin əvvəllərində avropalıları müəyyən qədər rahatladan tarixi hadisə də baş vermişdi: 1402-ci ildə Osmanlı sultanı I İldırım Bəyazid Ankara yaxınlığındakı tarixi döyüşdə Əmir Teymur tərəfindən darmadağın edilmişdi. Sultanın ölümündən sonra isə oğulları arasında hakimiyyət qovğası başladı. Bir sıra tədqiqatçılar məhz həmin səbəbdən o dövrü Osmanlı tarixinin «fitrət (qarışıqlıq – red.) dövrü» adlandırırlar. Lakin çox keçmədən Osmanlı xanədanında işlər yoluna düşdü. Sultan II Murad hakimiyyətə gəldi. O, I Bəyazidin oğlu I Mehmeddən olan nəvəsi idi.
Sultan II Murad sülhə meyilli təsir bağışlayırdı. Onun ilk məqsədi Ankara məğlubiyyətindən sonra xeyli sarsılan xanədanın gücləndirilməsiydi. Yeni sultan Osmanlı torpaqlarını genişləndirmək əvəzinə, əlindəki torpaqlarda qayda-qanunu bərpa etməyi qarşısına məqsəd qoymuşdu.
Bir müddət sonra Osmanlı türklərinin çoxdankı xəyalı olan Konstantinopolu almağa cəhd göstərdi. Lakin Anadolu bəylərinin qiyama qalxa biləcəyindən çəkinərək şəhərin mühasirəsini qaldırmağa məcbur oldu. Düzdür, II Murad bir çox hərbi yürüşlər keçirmiş, xanədanın torpaqlarını xeyli genişləndirmiş, lakin hakimiyyəti boyunca Osmanlı dövlətinin qonşuları ilə dinc şəraitdə yaşamağa çalışmışdı. Onun sadə həyat tərzinə üstünlük verdiyi, çox kitab oxuduğu, elm və incəsənətə böyük hörmət bəslədiyi də məlumdur.
Sultan II Murad taxta iki dəfə çıxıb. 1444-cü ildə sultanlıqdan çəkildiyini və taxtı oğlu Mehmedə tapşırdığını bildirib, özü isə bundan sonra ruhani həyat keçirəcəyini deyib. Lakin bundan az sonra Macarıstan kralı I Vladislavın yürüşə keçdiyini eşidərək sultan titulu olmadan Anadolu hərbi birliklərini toplayıb və savaşa yollanıb. 1444-cü il noyabrın 10-da Osmanlı ordusu ilə xaçlılar arasında indiki Bolqarıstan ərazisində yerləşən Varnada tarixi döyüş baş tutub. Həmin döyüş zamanı Macarıstan kralı I Vladislav öldürülüb, ardınca isə başı kəsilib. Osmanlılarla sülh anlaşmasını pozduğu üçün onun kəsilmiş başı və barış sazişi eyni nizəyə taxılaraq döyüş meydanında gəzdirilib. Bundan sonra tamamilə ruhdan düşən xaçlı ordusu pərən-pərən düşüb.
II Murad qazanılan qələbə münasibətilə qonşu dövlətlərə göndərilən bütün fəthnamələrin oğlu II Mehmedin adından yollanmasını əmr edib. Təxminən iki il sonra – 1446-cı ilin may ayında sədr-əzəm[1 - Sədr-əzəm – Osmanlı dövləti dönəmində padşahın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi ünvan; baş vəzir] Çandarlı Xəlil paşanın çağırışıyla yenidən taxta qayıdıb. Bunun səbəbi Avropadan Osmanlıya qarşı təhdidlərin artması və yeni bir müharibənin qaçılmaza çevrilməsiydi.

On iki yaşlı padşah
1444-cü ilin avqustunda II Mehmed ilk dəfə taxta çıxarkən vur-tut 12 yaşı vardı. O, 1432-ci il martın 30-da Osmanlı dövlətinin ovaxtkı paytaxtı Ədirnədə dünyaya gəlmişdi. Adı Hüma Xatun olan anasının xristian əsilli kölə olduğu iddia edilir. Deyilənə görə, II Mehmedin anasının fransız, ya da italyan əsilli olması barədə söz-söhbətlər yayılıbmış. Böyük ehtimalla bu yalandır. Çox mümkündür ki, Hüma Xatun ya Serbiya, ya da Makedoniya əsilli köləydi.
Bəzi iddialara görə, II Mehmed anasına qarşı heç də böyük bir sevgi duymazmış, bunun da səbəbi doğulduğu gündən etibarən dayə xatun tərəfindən böyüdülüb boya-başa çatdırılması imiş. Ümumiyyətlə, gələcəyin qüdrətli hökmdarının anası ilə bağlı bilgilər çox azdır və kifayət qədər mübahisəlidir.
1443-cü ilin yazında II Mehmed Osmanlı qayda-qanunlarına əsasən, təcrübə toplamaq üçün Manisaya vali təyin edildi. Bu zaman onu təlim-tərbiyəsinin tapşırıldığı iki şəxs – Kasapzadə Mahmud (və ya Vəli Mahmud paşa) ilə Nişancı Abdullah müşayiət edirdi.
Lakin gəlin tələsməyək və bir az əvvələ qayıdaq. Əslində II Murad oğlunun təlim-tərbiyəsi ilə gec maraqlanmağa başlamış və bu zaman onun təhsilə hədsiz laqeyd münasibət bəslədiyini görmüşdü. Olduqca mürəkkəb xarakterə malik olan II Mehmed yazıb-oxumaqdan çox hərb sənətinə maraq göstərirdi. Üstəlik, ənənəyə görə, o, Quranı başdan-ayağa əzbərləmək məcburiyyətindəydi. Lakin ona dərs deyən mollaları ciddiyə almır, laqeyd münasibət sərgiləyirdi. İşi belə görən II Murad axırda oğlunun təlim-tərbiyəsini dövrünün görkəmli din alimlərindən biri Molla Osman Güraniyə (1410–1488) tapşırdı. Lakin II Mehmed əvvəl-əvvəl ona da isinişməyə çətinlik çəkir, şıltaqlıqlarından qalmır, ipə-sapa yatmaq istəmirdi.
Axırda Molla Gürani dəyənəyini işə salmalı oldu, balaca şahzadənin qollarına vuraraq dedi: «Bax bu sənin itaətə gəlməyin üçündü. Haydı, indi oxuyub yazmağa!» Həmin gündən II Mehmed ciddi şəkildə dərslərinə başladı. Vaxtı gəlincə bu çalışqanlığı onu təkcə görkəmli hökmdara yox, eyni zamanda Şərqin ən mədəni, intellektual şəxsiyyətlərindən birinə çevirəcəkdi.
Molla Gürani sayəsində elmi və dini bilikləri qısa zamanda xeyli artan II Mehmed öncə türk və ümumilikdə Asiya mədəniyyətini dərindən öyrənmiş, ardınca isə İslam qayda-qanunlarını, fars və xristian adət-ənənələrini, türklərin hakimiyyəti altına düşən xalqların mədəniyyətini mənimsəməyə başlamışdı. O indi hətta Osmanlı sultanlarının ailə qurma adətləri barədə də müfəssəl bilgiyə malik idi. Artıq ata-babalarının zaman-zaman qeyri-müsəlman qadınlarla evləndiyindən xəbərdardı. Məsələn, I İldırım Bəyazid bir serb şahzadəsiylə ailə qurmuşdu, atası II Muradın xanımları arasında Serbiya hökmdarı Georgi Brankoviçin qızı Mariya da vardı.
Həmin dövrdə Osmanlı paytaxtına – Ədirnəyə çox sayda avropalı diplomat, tacir-tüccar, ətrafdakı qədim yunan şəhərlərində qazıntılar aparan alimlər gəlirdilər. Onların çoxu italyandı. Bir sözlə, II Mehmedin xarakteri məhz Şərq və Qərb mədəniyyətlərinin çulğalaşdığı bir mühitdə formalaşmağa başlamışdı.
II Mehmed Manisaya vali göndərildikdən bir müddət sonra hadisələr gözlənilməz istiqamətdə inkişaf etməyə başladı. Osmanlı sultanı II Murad taxt-tacdan çəkildi və hakimiyyəti oğluna ötürdü. Bu gözlənilməz qərardı: axı II Mehmed taxta çıxmaq üçün çox gənc və təcrübəsizdi. Lakin sultan belə hesab edirdi ki, sədr-əzəm Xəlil paşa xanədanın idarə olunmasında ona lazımi dəstəyi göstərəcək. İstənilən halda çox yaşlı olmamasına baxmayaraq özünü yorğun hiss edən, üstəlik, ruh düşkünlüyü yaşayan II Murad hakimiyyətdən çəkilmək fikrində qətiydi. O, eyni zamanda bununla xristian aləminə sülhpərəstliyini və Osmanlı ilə aralarındakı barış anlaşmasını hər hansı təhlükə gözləmədiyini göstərmək istəyirdi.
Lakin xristian aləmi artıq türklərlə haqq-hesabı çürütmək fikrini qətiləşdirmişdi: elə bu səbəbdən də Roma papasının elçisi kardinal[2 - Kardinal – katolik kilsəsində Roma papasından sonra ən yüksək dini rütbə] Çezerini Osmanlıya qarşı savaşın elanını verdi. Hakimiyyətə on iki yaşlı uşağın gətirildiyini nəzərə alan Çezerini hesab edirdi ki, xristianlar bu fürsəti əldən buraxmamalıdırlar.
Beləliklə, türklər üzərinə xaçlı yürüşü başladı. Macarlar və polyaklar bu hərbi səfərə 16 min əsgərlə qatıldı. Macar hökmdarı I Vladislavın, Macarıstan krallığının o dövrdəki görkəmli hərbi-siyasi xadimlərindən Yanoş Hunyadinin və indiki Rumıniyanın mərkəzində yerləşən tarixi bölgənin – Transilvaniyanın birləşmiş voyevodaları[3 - Voyevoda – hərbi bölük. Burada ardıcıllıqla serb, macar və rumın voyevodaları nəzərdə tutulur.] böyük ittifaq yaratdılar. Onlara Venesiya səkkiz, Roma papalığı on, Burqundiya hersoqu isə dörd kadırğa (həm yelkənlə, həm də avarla hərəkət edən hərbi gəmi) ilə dəstək verdi. Osmanlı sarayında işlər qaydasında getmirdi və bu səbəbdən də avropalıların qələbəsi çoxlarında şübhə doğurmurdu.
Belə ki, hakimiyyət on iki yaşlı II Mehmeddə olsa da, dövlət işləri tamamilə Çandarlı Xəlil paşanın nəzarətindəydi. Bu isə sarayın digər nüfuzlu şəxslərinin bir çoxunda qıcıq doğururdu. Onlardan xüsusilə ikisi – yunan əsilli olduğu deyilən Zağanos paşa ilə Rumeli bəylərbəyi Şəhabəddin paşa sədr-əzəmə badalaq vurmaq üçün fürsət axtarırdılar. Elə hələ xeyli təcrübəsiz II Mehmed də dövləti öz istəyinə və iradəsinə görə idarə etmək üçün səbirsizlik göstərir, bu səbəbdən də Xəlil paşanın təsir dairəsindən qurtulmağa çalışırdı. Bütün bunlar Osmanlı dövlətinin gücünü və dayağını sarsıdırdı. Məsələn, maaşlarını artırmağı tələb edən yeniçərilər[4 - Yeniçəri – Osmanlıların ələ keçirdiyi ərazilərdə əsir götürülən 8-18 yaşlı xristian əsilli oğlan uşaqlarından yetişdirilən xüsusi döyüşçü] üsyana qalxıb paytaxt Ədirnənin bəzi məhəllələrini yandırmışdılar. Şəhər əhalisinin bir hissəsi kütləvi şəkildə köç etməyə başlamışdı. Bütün bunlar azmış kimi, II Mehmedin babası I Mehmedin böyük qardaşı Orxan Çələbi[5 - Orxan Çələbi – Osmanlı padşahı I Mehmedin (1389-1421) böyük qardaşıdır. Bacısı Sultan Fatma xanımla birlikdə Bizansa girov göndərilmişdilər. Bizans imperiyası Orxan Çələbini tez-tez Anadoluya göndərərək üsyan qaldırmaq istəyirdi. Buna son qoymaq üçün Osmanlı dövləti Bizansa xərac verməyi boynuna götürməli olmuşdu] Bizansın əliylə Osmanlı daxilində ixtilaflar yaratmağa və hakimiyyətə yiyələnməyə çalışırdı. Belə bir vəziyyətdə avropalıların hücumunu dəf etmək elə də asan görünmürdü. Bir sözlə, Osmanlı dövləti İldırım Bəyazidin Teymura məğlub olduğu Ankara döyüşündən bu yana, bəlkə də, ən ciddi təhlükə ilə qarşı-qarşıya idi. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Çandarlı Xəlil paşa II Muradı yenidən hakimiyyətə çağırdı. Bu II Mehmedin ürəyincə olmadı. II Murad sədr-əzəmin çağırışına qulaq verdi və həmin vaxt guşənişinə çəkildiyi Bursadan hərəkətə başladı. O, indiki İstanbul boğazını[6 - İstanbul boğazı – Tarixi adı Bosfor boğazıdır. Qara dənizlə Mərmərə dənizini əlaqələndirən su bu keçidi, eyni zamanda İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır.] rahatlıqla keçdi: burada keşik çəkən Venesiya hərbi gəmiləri, nə hikmətdirsə, «onu görməmişdilər», genuyalı əsgərlər isə xeyli qızıl pul müqabilində II Muradla döyüşçülərinin qarşı tərəfə keçməsinə şərait yaratmışdılar.
Beləliklə, əvvəl də yazdığımız kimi, rəsmi sultan titulu olmadan II Murad Varna yaxınlığında avropalılarla qarşı-qarşıya gəldi. Bu savaşdan 60 minlik Osmanlı ordusu qalib çıxdı.
II Murad zəfərlə Manisaya döndü. Burada özünə bir saray tikdirdi. Qalan ömrünü dövlət işlərindən kənarda, ürəyinin arzuladığı şəkildə yaşamaq fikrindəydi. Ancaq…

Sürgünə bərabər təlim dövrü
Azyaşlı və təcrübəsiz II Mehmedin hakimiyyəti Osmanlı daxilindəki ixtilafları dərinləşdirməyə, özbaşınalıqların genişlənməsinə yol açmağa davam edirdi. Sarayda faktiki olaraq ikitirəlik yaranmışdı və onların hər biri öz maraqlarından çıxış edirdilər. Bir qrup Konstantinopolun gecikmədən, vaxt itirilmədən ələ keçirilməsini istəyir, digər qrup isə avropalılar sarıdan həyəcan keçirirdilər: onlar qorxurdular ki, Varnadakı ağır məğlubiyyətdən sonra düşmən qisas almaq fikrinə düşə və buna nail ola bilər. Əslində II Mehmed də eyni cür düşünürdü. Digər yandan, hələ ki, siyasi nüfuzunun olmadığının və sədr-əzəm Xəlil paşanın kölgəsində qaldığının fərqindəydi.
Hadisələr isə getdikcə daha təhlükəli miqyas alır və sarayın nəzarətindən çıxırdı. Ardı-arası kəsilmədən üsyan xəbərləri gəlir, başıpozuqluq böyüyürdü. Belədə Çandarlı Xəlil paşa vəziyyətdən çıxış yolunu yenidən II Muradı taxta dəvət etməkdə gördü. Durumun ürəkaçan olmadığının fərqinə varan II Murad 1446-cı ildə Ədirnəyə qayıtdı. O, narazı yeniçərilər və özbaşınalıqlardan cana doymuş şəhər əhalisi tərəfindən sevgiylə qarşılandı. İşi belə görən II Mehmed öz yaxın adamları Zağanos və Şəhabəddin paşaların müşayiəti ilə şəhəri tərk edib Manisanın yolunu tutdu. Həmin dövrdə bu onun taxtdan çəkilməsi kimi qiymətləndirildi.
Lakin II Mehmed taxtdan enməyə təkcə könülsüz deyildi, o həm də bütün bu baş verənlərə görə olduqca incik və qəzəbli idi.

II Mehmed taxta hazırlaşır
Gələcək hökmdar başa düşürdü ki, atasının yaşı hələ çox deyil və bu səbəbdən də taxta çıxmaq üçün xeyli gözləməlidir. Eyni zamanda onu da yaxşı bilirdi ki, II Muradın qulağını dolduranlar da az deyil: onlar yenidən Osmanlı taxtına qayıdan sultanı inandırmağa çalışırdılar ki, oğlu hakimiyyət ehtirası ilə alışıb yanır və öz istəyinə çatmaq üçün atasını aradan götürməyə belə hazırdır. Bununla II Muradı daha çevik tərpənməyə və II Mehmedi indidən zərərsizləşdirməyə inandırmaq istəyirdilər.
Gələcək hökmdar Manisada vaxtını boşa keçirmirdi: bu gözəl vilayəti ürəyi istədiyi kimi idarə edir, arabir kiçik hərbi səfərlərə çıxır, Egey dənizində üzən Venesiya gəmilərinə basqınlar təşkil edib onları yağmaladırdı. Bu basqınlar II Muradın ürəyincə deyildi: o, aralarında sülh və ticarət müqaviləsi olan bir dövlətə məxsus gəmilərin yağmalanmasına qarşıydı. Lakin II Mehmed atasının iradəsi ilə hesablaşmır, bu da azmış kimi, pul kəsdirir, beləcə, sultanlığa can atdığını açıq-aydın nümayiş etdirirdi. Ətrafına savadlı, bilikli şəxsləri toplayırdı, onların arasında italyanlar da az deyildi. Manisa ilə Genuya koloniyası olan Yeni Foça və Saqqız (yunanca adı Xiosdur) adaları yaxın olduğundan aralarında sıx əlaqə, gediş-gəliş vardı. Şərq mədəniyyəti ilə yanaşı Qərb mədəniyyətinə də böyük həvəs göstərən gələcək hökmdar həmin adalardan elm və sənətlə məşğul olan italyanları dəvət edirdi. Onlar isə öz növbələrində gənc şahzadəyə antik fəlsəfə və mədəniyyətlə bağlı bilgilər verirdilər. Bu söhbətlərdə adları çəkilən filosofların, tarixçilərin əsərlərini türkcəyə çevirtdirir və həvəslə oxuyurdu. Qədim yunan mədəniyyətinə xüsusi maraq göstərir, ona böyük bir heyranlıq və sevgi duyurdu. Antik dövrə aid sənət əsərlərindən xoşu gəlirdi, medalyonlara ayrıca marağı vardı. Bu maraq sonralar da davam edəcək, hətta onu İtaliyadan medalyon hazırlayan ən yaxşı ustaları sarayına gətirtməyə həvəsləndirəcəkdi. II Mehmed eyni zamanda islam dünyasının nüfuzlu fikir adamları ilə də isti münasibətlər qurmuşdu. Səmərqənddən, Xorasandan, Təbrizdən, Anadolu bəyliklərindən gələn üləmalarla uzun-uzadı söhbətlər etməyi, müzakirələr aparmağı sevirdi.
Gənc şahzadənin başqa dilləri öyrənməyə də həvəsi çox idi. O, ana dilindən başqa ərəb və fars dillərini gözəl bilirdi, eyni zamanda cənubi slavyan dillərindən birində və yunanca danışmağı bacardığı deyilir.
II Mehmed bir tərəfdən Osmanlı taxtına hazırlaşır, digər tərəfdən isə xanədanın başına keçdikdən sonra atacağı ilk addımları götür-qoy edirdi: başda Çandarlı Xəlil paşa olmaqla onun hakimiyyətə gəlməsini istəməyənlərlə haqq-hesabı çürütmək, ətrafına yalnız ona sədaqət və itaət göstərəcək əyanlar toplamaq və bu yolla hakimiyyətini möhkəm, sağlam təməllər üzərində oturtmaq. Bundan başqa, II Mehmedin önəmli bir hədəfi də vardı: taxta çıxdıqdan dərhal sonra atasının əl çəkdiyi fütuhat (fəth) siyasətini bərpa etmək və ilk növbədə Konstantinopolu almaq!

II Mehmed evlənir
Oğlu Manisada olduğu müddətdə II Murad onu iki dəfə yanına çağırmışdı. Bunlardan biri 1448-ci ilə təsadüf etmişdi. Kosovada şərqi avropalı xristianlar üsyan qaldırmışdı. Üsyanı yatırmağa gedən II Murad oğlunun da yanında olmasını istəmişdi, bu səfərin təcrübə baxımından II Mehmed üçün faydalı olacağını düşünmüşdü. Üstəlik, Kosova I Mehmedin 60 il öncə xristianları darmadağın etdiyi yerdi. O gündən bəri şərqi avropalılar Osmanlı ilə dinc dolanırdılar, lakin birdən-birə yenidən türklərə qarşı baş qaldırmışdılar. II Murad Macarıstan hakimi Yanoş Hunyadiyə sülh təklifi göndərir. Bu təklifə rədd cavabı aldıqdan sonra Osmanlı ordusu hücuma keçir. Varna döyüşündəki məğlubiyyətin acığını çıxmayan Hunyadi növbəti dəfə ağır məğlubiyyətə uğrayır. O, az sayda döyüşçü ilə canını qurtara bilir. Bundan sonra II Murad albaniyalı sərkərdə Georgi Kastriotonun nəzarətində Kroya qalasını mühasirəyə alır. Georgi bir ara müsəlmanlığı qəbul etmiş, sonra isə yenidən xristian olmuşdu. Avropada onu «Skanderbeq» (İsgəndər bəy) ləqəbi ilə tanıyırdılar. Osmanlı ordusunun ixtiyarında yüz kiloqramlıq mərmiləri ata bilən iki nəhəng top vardı. Bu toplardan açılan atəşlərdən sonra Kroyanın qala divarları dağılsa da, müdafiə qarnizonu müqavimət göstərməkdə israrlı idi. Nəticədə Osmanlı döyüşçüləri geri çəkilmək məcburiyyətində qaldı. Bundan sonra Georgi Kastriotun – Skanderbeqin şöhrəti daha geniş coğrafiyaya yayıldı. O, növbəti iyirmi il ərzində Avropanın ən sevimli qəhrəmanı oldu… Halbuki Osmanlı ordusunun Kroyada düçar olduğu məğlubiyyət əslində elə də böyük uğursuzluq deyildi. Sadəcə, bir döyüş qələbəsiz başa çatmışdı, vəssalam!
Bu yürüşdən sonra II Murad öz varisini – II Mehmedi Dulqədir oğullarından Süleyman bəyin qızı Sitti Xatunla evləndirdi. Möhtəşəm bir toy oldu və II Murada Kroyadakı uğursuzluğu xeyli unutdurdu. Süleyman bəy çox zəngin, qızı isə qənirsiz gözəldi. Ancaq II Mehmedin ona könlü yox idi və Sitti Xatuna laqeyd münasibət bəsləyirdi.
1450-ci ilin sonlarında Ədirnədə keçirilən toy şənliyi nə az, nə çox, düz üç ay davam etdi. Sonra təzə bəy-gəlin Manisaya yola düşdü. Qeyd edək ki, II Mehmedin bu evlilikdən övladı olmayıb. Ərinin taxta çıxmasından sonra Sitti Xatun Ədirnədə qaldı və uzun illərdən sonra əri tərəfindən həmişəlik tərk edilmiş biri kimi həyata gözlərini yumdu. Yeri gəlmişkən onu da deyək ki, heç bir qadın II Mehmedin həyatında xüsusi rol oynamayıb, onu öz təsiri altında saxlamağı bacarmayıb.
Tarix 1451-ci ili göstərərkən Osmanlı səltənətində qarışıqlıqdan və qarğaşadan əsər-əlamət qalmamışdı. Sultan II Murad onu güclü bir dövlətə çevirmişdi. Bu dövlət istər dənizlərdə, istər quruda düşmənlərinin canına vəlvələ salırdı. Osmanlılar dövrün ən müasir silahlarına sahib idilər. Onlar hələ 1422-ci ildən başlayaraq toplardan istifadə edirdilər. Halbuki avropalılar bu silahdan xeyli sonralar yararlanmağa başlamışdılar. 1422-ci ildə II Muradın Gəliboluda lövbər atmış altmış gəmisi, Dunay çayında isə səksən yüngül savaş gəmisi mövcuddur. Zaman keçdikcə Osmanlı donanması daha da böyümüş, bu isə Venesiyanı öz hərbi dəniz qüvvələrini genişləndirmək məcburiyyəti qarşısında qoymuşdu. Osmanlı dövlətinin iqtisadi gücü də artmış, şəhərlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdular. İllər öncə Əmir Teymurun ordusu tərəfindən yağmalanıb xarabaya çevrilən Bursa tədricən Yaxın Şərqin önəmli ticarət mərkəzlərindən birinə çevrilmişdi.
Bir sözlə, Osmanlı dövləti özünün ən yaxşı çağlarından birini yaşayırdı. Elə bu vaxt gözlənilməz hadisə baş verdi: oğlunun toyundan qısa bir müddət – 1451-ci il fevralın 3-də II Murad cəmi 47 yaşında qəfildən vəfat etdi. Cənazəsi Bursaya aparıldı və vəsiyyətinə uyğun olaraq gənc yaşda dünyasını dəyişən oğlu şahzadə Ələddinin türbəsinə dəfn olundu.

II Mehmed taxta çıxır
II Mehmedə atasının ölüm xəbərini Çandarlı Xəlil paşanın göndərdiyi adamlar gətirmişdilər. Gələcək hökmdar onları hüzn qarışıq sevinc içində dinlədi. Sonra atının belinə sıçrayıb: «Məni istəyənlər arxamca gəlsin!» – deyə hayqırdı. İki gün sonra gənc şahzadə Gəliboludaydı. Burada II Muradın ölümündən sonra yeniçərilərin qiyam qaldırdığını və Xəlil paşanın zor gücünə üsyanı yatırdığını öyrəndi. Ədirnəyə doğru yola davam etdi. Burada saray əyanlarını və ordu başçılarını hüzuruna çağırdı. Nəhayət, 18 fevral 1451-ci ildə Osmanlı taxtına çıxdı. İlk işlərindən biri isə hələ südəmər körpə olan qardaşı Əhmədi öldürtmək oldu. Beləcə, özünün gələcəkdəki mümkün rəqiblərindən birini elə bəri başdanca aradan götürtdü. Ardınca taxta çıxan Osmanlı sultanlarına öz qardaşlarını öldürməyə icazə verən yasa (qanun) hazırlatdı. Həmin yasa XV əsrin sonuna qədər qüvvədə qaldı. Lakin həmin müddətdə Osmanlı sultanları qardaşlarını öldürtməkdənsə ölənədək zindanda saxlatmağı üstün tutdular.
Taxta çıxandan dərhal sonra Sultan Mehmed hakimiyyət işlərini sədr-əzəm Xəlil paşanın öhdəsinə buraxdı. Bu ağıllı bir gedişdi. Yeni sultan yaxşı bilirdi ki, qarşıda onu çətin sınaqlar gözləyir. Həmin sınaqlardan çıxmaq üçünsə uzun illər dövlət idarəçiliyində çalışan ağıllı və təcrübəli şəxslərə ehtiyacı vardı. Çandarlıdan və digərlərindən qisas almaq üçün indi zamanı deyildi. Üstəlik, Xəlil paşanın nüfuzu böyükdü, özünün isə hələ ki, vur-tut on doqquz yaşı vardı.
Venesiyalı Yakob Lanquiççi yeni sultanı xoş görünüşlü bir insan kimi təsvir edirdi: «Ortaboyluydu, güldüyünü nadir hallarda görmək olardı. Fikirlərini gizlətməyi çox yaxşı bacarırdı. Ağlından keçənləri təxmin etmək müşkül məsələydi. Elmə böyük maraq və həvəsi vardı, sənət adamlarına hörməti sonsuzdu. Cəsur və qətiyyətli, eyni zamanda gənc yaşına baxmayaraq hədsiz dərəcədə müdrik, ağıllı olduğu dərhal nəzərə çarpırdı. Bu xüsusiyyətlərinə görə onu Böyük İsgəndərə bənzətmək olar».
Lanquiççi sözlərinə davam edərək II Mehmedin onda qənaətcil, yorulmaq nədir bilməyən şəxs təsəvvürü yaratdığını yazır. Eyni zamanda gənc hökmdarın istiyə, soyuğa, aclığa hədsiz dərəcədə dözümlü, bundan başqa, əyləncə və eyş-işrətdən uzaq sultan olduğunu əlavə edirdi.
Başqa bir venesiyalı Nikola Saqunino isə II Mehmedi «mülayim, sadə, gözütox» şəxsiyyət kimi xarakterizə edir, yaltaqlığı sevmədiyini, eləcə də şəraba, əyləncəyə meyilli olmadığını söyləyir. «İradəli və qətiyyətlidir. Heç nə onu yolundan saxlaya bilməz – səfərin çətinliyi, havanın əlverişsizliyi…» – bunu da Saqunino yazır.
Bir sözlə, on doqquz yaşında olsa da, II Mehmedin kifayət qədər üstün keyfiyyətləri vardı, ən əsası qeyri-adi ağıla sahib idi. Lakin bu o demək deyildi ki, taxta çıxan kimi düşmənləri ilə haqq-hesab çürüdə bilərdi. Soyuqqanlı davranmalıydı, hakimiyyətin məsuliyyətini dərk etməli və ilk növbədə öz mövqelərini gücləndirməliydi. Yeni sultan da məhz bu cür davrandı: bir zaman taxta çıxan kimi almağa hazırlaşdığı qisasları, intiqamları hələlik təxirə saldı.
Elə digər ölkələrlə də hələlik dinc münasibətlər saxlamağın lazım gəldiyinin fərqindəydi. Onun hüzuruna ilk olaraq Saqqız və Midilli adalarından, həmçinin Qüdsdən gələn elçilər çıxdılar. Onların hamısını ehtiramla qarşıladı, xoş niyyətlərini çatdırdı. Bizans imperatoru Konstantin Draqos (XI Konstantin) və qardaşı – Moreya kralı Dmitrinin yolladığı elçilərə sülh anlaşmasını davam etdirəcəyinə dair təminat verdi. Hətta dostluq əlaməti olaraq şahzadə Orxanın girov saxlanıldığı Bizans sarayındakı məsrəflərini də üstünə götürdü. Bu məqsədlə üç min axça göndərməyi vəd etdi. Venesiya və Osmanlının ən önəmli rəqibi olan macar hakimi (kralın naibi) Yanoş Hunyadi ilə sülh müqaviləsi imzaladı.
II Mehmedin bu sülhpərəst addımlarının bircə səbəbi vardı: o, hakimiyyətini gücləndirənədək vaxt qazanmaq istəyirdi. Ancaq yeni sultanın həmin gedişləri çox keçmədən fərqli nəticələr doğurmağa başladı. Hər kəs II Mehmedin davranışlarını qorxaqlıq kimi yozdu. Belə hesab edilirdi ki, gənc hökmdar ölkənin idarəçiliyini etibar etdiyi sülhpərəst Çandarlı Xəlil paşanın təsiri altındadır. Hətta onun eyş-işrətə dalıb dövlət işlərini arxa plana atdığını fikirləşənlər də vardı. Bu səbəbdən də II Mehmedə qarşı dərhal müxtəlif planlar cızmağa, yaranmış vəziyyətdən faydalanıb Osmanlı ilə haqq-hesabı çürütməyin yollarını axtarmağa başladılar. Halbuki gerçəklik başqaydı: hakimiyyət Çandarlıdan çox, Şəhabəddin və Zağanos paşaların bacarıqlı əllərindəydi…

Avropanın yeni sultanla bağlı tərəddüdləri
İş o yerə çatdı ki, günlərin bir günü Renosans[7 - Renosans ( və ya İntibah) dövrü – XIV əsrin əvvəlində İtaliyada əsası qoyulmuş, XVI əsrdə öz zirvə nöqtəsinə çatmış intellektual və mədəni çiçəklənmə dövrü] dövrü humanistlərindən Fransesko Filelfo (1398–1481) Fransa kralı VII Şarla bir məktub yazdı və ondan yeni xaçlı ordusuna rəhbər olmasını istədi. Bu ordu Osmanlı dövlətinin sonuna çıxmalı idi. «Müharibə asan olacaq, – Filelfo kralı inandırmağa çalışırdı, – çünki Osmanlı taxt-tacı gənc və təcrübəsiz birinin əlindədir. Üstəlik, ordusu da olduqca zəifdir. Bir yandan Balkan xalqları Osmanlıya qarşı üsyana hazırdırlar, o biri yandan isə bütün Avropa, hətta İngiltərə belə sizin arxanızda dayanacaq. Bu fürsəti əldən vermək olmaz». Həmin vaxt başı başqa qayğılara qarışan VII Şarl bu məktuba cavab belə vermədi. Bir neçə il sonra isə yeni papa seçilən II Piyi də Osmanlıya qarşı savaşa təhrik edənlər tapılacaqdı…
Əslində Avropa ölkələrinin əksəriyyəti Osmanlı ilə savaşa isti yanaşmırdılar. Çünki onların yeni sultanın siyasi və hərbi gücü barədə tam təsəvvürləri yoxdu. Orta Şərqlə ticarətdə önəmli yeri olan Venesiyanın özü belə, osmanlıların Konstantinopola hücum hazırlıqlarından yalnız son anda xəbər tuta bilmişdilər. Bircə bizanslılar Osmanlıya hücum etməyə həvəsli görünürdülər. Ancaq onların da buna maddi və hərbi gücü imkan vermirdi. Yalnız digər xristian ölkələrinin yardımı sayəsində müharibəyə başlaya bilərdilər. Elə bu niyyətlə də 1451-ci ildə Bizans imperatoru Konstantin öz elçisini İtaliyaya göndərdi. Lakin onun pul və silah yardımı ilə bağlı tələbi cavabsız qaldı. Venesiyadan səs çıxmadı, Neapol kralı V Alfonso isə bildirdi ki, təkbaşına dəstək verə bilməz, yardıma bircə kadırğa göndərsə, gərək onda bütün İtaliya ilə qırğına çıxsın. Həmin vaxtkı papa V Nikola gəlincə, o, bizanslıların istəyinə bir şərtlə müsbət cavab verə biləcəyini dedi: gərək Latın kilsə birliyini rəsmən qəbul etsinlər! Ancaq papanın bu şərti Bizans əhalisinin narazılığına səbəb oldu.
Beləliklə, bizanslılar uzun axtarışlardan sonra özlərinə ancaq bir müttəfiq tapa bildilər: o da xristian yox, müsəlman olan Qaraman bəyi İbrahim idi. Avropada «Böyük qaramanlı» kimi tanınan İbrahim bəyin Osmanlıya qarşı meydan oxumaq cəhdi uğursuzluqla nəticələndi. II Mehmed öz qoşunları ilə Qaraman bəyliyinə hücuma keçdi. İbrahim bəy sülh istəmək məcburiyyətində qaldı. Hətta qızını sultana ərə vermək arzusunda olduğunu bildirdi. II Mehmed hər iki istəyi qəbul etdi. Onun niyyəti yenə aydındı: hələlik müharibələrdən mümkün qədər qaçmaq və hakimiyyətini, eləcə də ordusunu gücləndirmək! Xüsusilə yeniçəri ocağını yenidən nizamlamalı, onların tam inam və etibarını qazanmalı, bundan başqa, xanədanın xəzinəsini doldurmalıydı.

İstanbul boğazının ağası
Qaraman bəyliyinə səfərindən döndükdən bir müddət sonra, 1452-ci ilin yazında Sultan II Mehmed özünün ən böyük arzusunu – Konstantinopolun fəthini gerçəkləşdirmək üçün ilk addımları atmağa başladı. İstanbul Boğazının ən dar yerində – Gözəlcəhisarın[8 - Gözəlcəhisar – indiki adı ilə «Anadolu hisarı (hasarı – red.)». Vaxtilə, 1395-ci ildə I İldırım Bəyazid də orada qala inşa etdirmişdi. II Mehmedin qala tikdirdiyi yerdə isə qədim yunan mifologiyasının məşhur tanrıçalarından biri Hermesin məbədi vardı.] düz qarşısında güclü bir qala tikdirməyə başladı. O, bununla Konstantinopolun Qara dənizə çıxışını və oradan gələcək yardımların qarşısını kəsmək istəyirdi. Qalanın inşasına xeyli canlı qüvvə cəlb edildi.
İşi belə görən Bizansın sonuncu imperatoru XI Konstantin II Mehmedin hüzuruna elçilər göndərib ondan qala ilə bağlı izahat istədi. Osmanlı sultanı buna bərk qəzəbləndi və elçiləri edam etdirdi. Elçilərin öldürülməsi müharibə elan etmək mənasına gəlirdi. Adamlarının edam olunduğunu eşidən XI Konstantin təlaşa düşdü və dərhal şəhərin qapılarını bağlatdırdı.
Bu o demək idi ki, artıq boğazın hakimi Osmanlı hökmdarıdır!
II Mehmed haqqında danışdığımız qalanın baş planını Müsləhəddin adlı, xristian əsilli olduğu iddia edilən bir memarın köməyilə şəxsən özü cızmışdı. Hündürlüyü 15, uzunluğu isə təqribən 250 metrə çatan qalanın on üç qülləsi var. Qüllələrin altısı silindir şəklində, altısı isə çoxbucaqlı formasındadır.
Üç qüllənin yüksəkliyi 70 metr, digərləri isə bundan qısaydı. Böyük qüllələrin inşası ilə bağlı bütün məsuliyyət, eləcə də məsrəflər vəzirlərə – sədr-əzəm Çandarlı Xəlil paşayla Zağanos və Sarıca paşalara həvalə olunmuşdu. Sultanın özü isə topların yerləşdiriləcəyi bölümun inşasına nəzarət edirdi. Burada hər şeylə bilavasitə maraqlanır, ən xırda detalı belə gözündən qaçırmırdı. İşlərin öhdəsindən layiqincə gələnləri səxavətlə mükafatlandırır, əks halda ən ağır cəzaları verməkdən yayınmırdı. Deyilənə görə, hətta özü belə arabir kürəyində inşaaat materialları daşıyırmış.
Nəhayət, dörd aydan sonra qalanın tikintisi başa çatdı və «Boğazkəsən» adlandırıldı. Onun mühafizəsi isə Firuz ağaya tapşırıldı.
Bunun ardınca II Mehmed yenə özünün hazırladığı plana uyğun olaraq, dəniz sahilində düz xətt boyunca topları yerləşdirmək üçün platformalar düzəltdirdi. Bu bir plandan çox, dahiyanə kəşf sayıla bilər. Çünki qarşı sahildə eyni qaydada yerləşdiriləcək toplarla Boğaz keçidi bütünlüklə nəzarətə götürüləcəkdi. Üstəlik, sultan topları həmin günədək vərdiş edilmiş qaydada – qüllələrdə yox, quruda, dəniz sahilində yerləşdirməyi nəzərdə tuturdu. Buradan belə aydın olurdu ki, onlardan hücum üçün deyil, müdafiə məqsədilə istifadə ediləcəkdi.
Yunan salnaməçilərindən biri həmin vaxt belə yazırdı: «Elə bir vəziyyət yaranmışdı ki, nəinki böyük və ya kiçik, hətta ən xırda bir qayığın belə zədə almadan Boğazı keçməsi imkan xaricindəydi. Osmanlı topları onları rahatca parçalaya, batıra bilərdi. Yəni Boğazdan keçə bilmək üçün Osmanlı sultanın inşa etdirdiyi qalanın qalabəyindən icazə almaq lazımdı…»
Bir sözlə, İstanbulun mühasirəsi başlayırdı…
1452-ci ilin sentyabrında II Mehmed minlərcə əsgərin əhatəsində qala divarlarının üstünə çıxdı. Hər tərəfi diqqətlə nəzərdən keçirdi. Müdafiə xətlərini üç gün boyu yoxladı. Sonra geri döndü. Gənc padşah Bizansın əlində olan Mərmərədən Qara dənizədək sahilboyu bütün əraziləri ələ keçirmək əmri verdi.
Artıq Konstantinopol təlaş içindəydi. Osmanlıların hədəfi bəlliydi, Bizansda isə ixtilaflar, intriqalar baş alıb gedirdi. Yerli əhali qiyamət gününün yaxınlaşdığına inanırdı. Salnaməçilərdən biri Dunas yazırdı: «Budur, sonumuz gəldi. Müsəlmanların qələbəsinə az qalıb! Hanı Konstantinopolun müdafiəçiləri? Niyə əllərindən bir iş gəlmir?» – şəhərdə az qala hamıdan bu cür sözlər eşitmək olardı. Əhali dünənədək «çox yaxşı mühafizə edildiyinə» inandıqları şəhərin bu qədər ciddi təhlükə ilə qarşı-qarşıya qalacaqlarını təsəvvür edə bilmirdilər. İmperatorun başı bir müddət idi ki, hakimiyyət qovğasına qalxmış qardaşlarından canını qurtarmağa qarışmışdı, işi-gücü saray ixtilaflarını yatırtmaqdan ibarət idi. Varlılar öz sərvətlərini qorumağın hayındaydı. Yalnız tək-tük ağıllı adamlar Konstantinopolun əldən gedəcəyi ilə bağlı həyəcan təbili çalırdılar. Bir yandan isə kilsənin birliyi ilə bağlı mübahisələr kralla baş rahibi üz-üzə qoymuşdu. XI Konstantin 1439-cu ildə Florensiyada əldə olunan birlik anlaşmasını dəstəkləyir, baş rahib isə bunu qətiyyətlə rədd edirdi. Papa V Nikola imperatoru açıq şəkildə təhdid edirdi: ya Kilsə birliyinə qoşulun, ya da sonunuz yaxşı olmayacaq! Boğazkəsənin inşasının hansı nəticələr doğuracağını yaxşı anlayan Trabzonlu Georgi (papalıqda katib idi) V Nikola məktub yazaraq qarşıda Roma və bütövlükdə Avropanı gözləyən təhlükə ilə bağlı xəbərdarlıq etdi. V Nikola bu xəbərdarlığı qulaqardına vurdu. XI Konstantinə yalnız bir halda – Kilsə birliyini qəbul edəcəyi təqdirdə yardım əli uzadacağını söylədi. İşi belə görən XI Konstantin 1452-ci il dekabrın 12-də Aya Sofyada[9 - Aya Sofya – İstanbulda yerləşən, 532–537-ci illərdə Bizans imperatoru Justinianos tərəfindən inşa edilən məbəd. 537–1204-cü illərdə yunan ortodoks kilsəsi, 1204–1261-ci illərdə katolik kilsəsi, 1261-1453-cü illərdə yunan pravoslav kilsəsi, 1453–1934-cü illərdə məscid, 1934–2020-ci illərdə muzey kimi fəaliyyət göstərib. 2020-ci ilin iyulundan yenə də məscid statusu verilib.] bu məsələ ilə bağlı qəti qərar qəbul edilməsi üçün toplantı çağırdı. Müzakirə olundu. Birliyə qarşı olanlar öz mövqelərini daha qətiyyətli şəkildə ortaya qoydular…»
Bir sözlə, XI Konstantin çarəsiz duruma düşmüşdü: o, artıq Avropadan hər hansı köməyə ümid eləmirdi. Macarlar II Mehmedlə sülh bağlamış, italyanlar isə daha çox Şərqlə ticarət apardıqları və əsas qazancları bura ilə bağlı olduğu üçün Osmanlı ilə müharibəyə isti yanaşmırdılar. Roma papasının şərti isə göz önündədir!
II Mehmed də məqsədlərindən birinə çatıb: fəth etmək üçün alışıb-yandığı Konstantinopolun xarici aləmlə əlaqəsini kəsib. Şəhərə silah-sursat, ərzaq, hərbi qüvvə, bir sözlə, istənilən cür yardımın gətirilə biləcəyi yolları bağlayıb. Gənc hökmdarın hədəfi böyükdür, lakin bu işin ağırlığı, çətinliyi onu nə qorxudur, nə çəkindirir. Salnaməçilərin, tarixçilərin yazdığına görə, II Mehmed Konstantinopolun fəthindən qeyri heç nə barədə düşünmür, gecə-gündüz yalnız bu haqda fikirləşir, əlinə kağız-qələm alıb hərbi planlar cızır, hətta yeraltı tunellərin harada qazılacağını belə saatlarca düşünüb-daşınır, gəldiyi nəticələri ətrafındakılarla bölüşür, onların da məsləhətlərini dinləyirdi.

Fəthlə bağlı mübahisələr
Bu yerdə bir qədər əvvələ qayıtmaqda fayda var. Hələ 1452-ci ilin sonlarında, soyuq qış gecələrinin birində II Mehmed sədr-əzəm Çandarlı Xəlil paşa başda olmaqla vəzirləri, ağsaqqalları, sərkərdələri Ədirnədə toplamış, öncə ziyafət vermiş, sonra isə niyyətini bəyan etmişdi: yazda «kafir yuvası olan Konstantiniyyə»ni fəth etmək istədiyini söyləmişdi.
Lakin gənc sultanın bu niyyəti mübahisə doğurdu: yenə də bir tərəf ona dəstək verdi, bir tərəf isə müharibələrdən uzaq durmağı məsləhət gördü. Fəth tərəfdarları Bizansın ciddi şəkildə zəiflədiyini əsas gətirib Konstantinopolu ələ keçirməyin mümkünlüyünü söylədilər. Qarşı tərəf isə Avropa ölkələrinin hər bir halda XI Konstantini köməksiz qoymayacağını və nəticədə genişmiqyaslı müharibə başlayacağını, bunun da Osmanlıya zərər verəcəyini iddia edirdi. Onlardan biri – Çandarlı Xəlil paşanın mövqeyi isə lap qəti oldu: «…Konstantiniyyəni fəth etməyə çalışmaq göy üzünü tutmağa cəhd eləmək kimi bir şeydir…».
II Mehmed fəth tərəfdarlarının fikirlərinə tamamilə şərik idi: hələ bir neçə ay öncə Avropa ölkələrinə casuslar göndərmiş, onlardan əhəmiyyətli məlumatlar almışdı. Bilirdi ki, həmin ölkələrin XI Konstantinin köməyinə tələsməkdən daha vacib işləri vardı. Bu isə sultanı qəti hərəkətə keçmək üçün münasib zamanın yetişdiyinə inandırmışdı.
Beləliklə, Çandarlı Xəlil paşa və onunla eyni düşüncədə olanların etirazına baxmayaraq II Mehmed Konstantinopolun fəthinə qərar verdi. O, Boğazkəsən qalasının üzərindən Osmanlı döyüşçülərinə bu cür səsləndi: «Məqsədim islam bayrağını Konstantiniyyə üzərinə sancmaqdır. Başqa bir niyyətim yoxdur. Bu şəhərin alınması mənim taleyimə yazılıbsa, qüllələri, bürcləri daş-torpaq yerinə xalis dəmirdən də olsa, qəzəb atəşimlə əridib muma döndərəcəyəm. Yox, əgər qismət deyilsə, yaxşı niyyətimə görə mükafat görəcəyəm… Tanrı təmiz niyyətlərlə Ona üz tutmuş qulunu heç vaxt darda və ümidsiz qoymaz!»
Qeyd edək ki, hələ Boğazkəsənin inşaatı başa çatmazdan əvvəl gənc sultan Bizans vassalı asılı olan dövlətlərdən əsgər və silah göndərmələrini istəmişdi. Əks halda onların da aqibətinin Qaraman bəyliyindən fərqli olmayacağını söylədi. Bu çağırış cavabsız qalmadı. Nəticədə, məsələn, serb hakimi Georgi Brankoviç min beş yüz süvari göndərdi. Osmanlı dövlətinin hər yerindən hərbi vasitələr toplanıb Konstantinopola yönəldildi. II Muraddan miras qalan xəzinənin ağzı açıldı: II Mehmed müharibəni qələbə ilə başa vurmaq üçün heç bir xərcdən çəkinmirdi. Aydındır ki, Konstantinopol fəth edildikdən sonra ələ keçiriləcək qənimət xəzinəni əhəmiyyətli şəkildə dolduracaqdı.
Fəth hazırlıqlarına yenicə başlayarkən maraqlı bir hadisə yaşandı: Urban adlı bir mühəndis (bəzi mənbələr onun macar, bəziləri sanksoniyalı, bəziləri də dalmaçyalı olduğunu yazır) gənc sultana istədiyi böyüklükdə top tökməyi təklif etdi. Belədə II Mehmed soruşdu: «Konstantiniyyənin divarlarını yıxacaq gücdə top tökə bilərsənmi?» Urban belə bir top tökə biləcəyini söylədi. Bir neçə həftə sonra isə hazırladığı nəhəng topu gənc sultana təqdim etdi. Bu top Boğazkəsəndəki qüllələrdən birində yerləşdirildi. Həmin vaxt Boğazdan bir Venesiya gəmisi keçirdi. Gəmi qaladan edilən xəbərdarlığa məhəl qoymayınca Urbanın düzəltdiyi topu sınaqdan keçirmək üçün fürsət yarandı. Mərmilər tam hədəfə dəydi: gəmi batırıldı, kapitan öldürüldü. Bundan sonra II Mehmed mümkün olduğu qədər daha iri topun tökülməsini əmr etdi. Top dərhal töküldü. O, iki metr yarım uzunluğa, dörd yüz kiloqram ağırlığa malik mərmiləri ata bilirdi. İlk sınaq Ədirnədə baş tutdu. Sınaqdan öncə isə yerli əhaliyə partlayış səsindən qorxmamaq barədə xəbərdarlıq edildi. Yeni tökülən nəhəng toplar bir kilometrdən uzağı vurmaq iqtidarındaydı, mərmilər düşdüyü yerdə iki metr dərinliyə batırdı. Bəli, Konstantionapol divarlarını yıxa biləcək əsl silah bu idi!
Topları çox bəyənən gənc sultan Urbana «afərin» dedi. «Ona elə yüksək ənam verdi ki, vaxtilə xidmətində dayandığı Bizanslı hökmdar bunun dörddəbirini belə versəydi Urban Konstantinopolu əsla tərk etməzdi. Və yəqin ki, şəhərin Osmanlılar tərəfindən fəthi elə də asan olmazdı» – salnaməçilər belə yazırlar.
Topların Ədirnədən Konstantinopol ətrafına daşınması iki ay çəkdi. Onları arabalara yükləmək, eləcə də arabaların üstündə saxlamaq üçün iki yüz adam və altmış öküz lazım gəlirdi. Urban iri kalibrli toplarla yanaşı, xeyli sayda orta və xırda çaplı toplar da hazırlamışdı. Konstantinopolun mühasirəsi zamanı onların da üzərinə çox iş düşəcəkdi.
Bir sözlə, toplar sayəsində II Mehmedin Bizans qarşısında gücü birə beş artmışdı. Həmin silahlar müharibələr tarixində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Hələ 1456-cı ildə italyan salnaməçilərindən biri yazırdı: «Sultan II Mehmedin elə iri, elə böyük topları var ki, indiyə qədər insan oğlu beləsini görməyib».
Konstantinopolu tam mühasirəyə almaq üçün Osmanlıların qarşısında bir vəzifə qalmışdı: şəhərin dəniz tərəfdən yolunu kəsmək! Buna nail olmaq üçün II Mehmed Konstantinopol ətrafına xeyli sayda döyüş gəmisi gətirilməsini əmr etdi. Beləcə, 1453-cü ilin yazında bolqar əsilli Baltaoğlunun başçılığı altında Gəliboludan bir donanma gəldi.
1453-cü il martın 26-da Osmanlı ordusu artıq fəthə tam hazır idi. Həmin vaxt II Mehmedin ixtiyarında nə qədər əsgər vardı? Bu barədə o dövrün salnaməçiləri və tarixçiləri müxtəlif rəqəmlər səsləndirirlər. Həmin rəqəmlər bəzən olduqca şişirdilmiş təsir bağışlayır. Əksər araşdırıcıların fikrincə, böyük ehtimalla Osmanlı döyüşçülərinin sayı təxminən 150–200 min nəfərdi. Lakin bunun özü belə orta əsrlər üçün kifayət qədər böyük rəqəmdir.
Osmanlı ordusunun real gücü barədə ən ağlabatan rəqəmləri Nikola Saqundinonun qələmindən oxuyuruq. Belə məlum olur ki, II Mehmedin əmrində 80 min əsas, 160 min köməkçi süvari, 9 min nəfərlik mühafizə alayı, 12 min piyada və 10 min yeniçəri vardı.

Mühasirə başlayır
Beləliklə, nəhəng Osmanlı ordusunun ilk dəstələri 1453-cü il aprelin 5-də axşam saat 8-9 arası Konstantinopol yaxınlığına yetişdi. Əvvəlcə şəhərdən 2,5 mil[10 - Mil – 1609 metrə bərabər uzunluq ölçü vahidi] uzaqda, sonra isə bir az da irəliyə gəlib qala divarlarının lap yaxınlığında düşərgə saldılar.
II Mehmedin çadırı sonralar məşhur Topqapı sarayının inşa ediləcəyi yerin düz qarşısında qurulmuşdu. Hökmdar belə hesab edirdi ki, qala divarlarının ən zəif yeri məhz həmin istiqamətdədir. Ona görə də əsas hücum hədəfi bura olacaqdı. Sultan üç nəhəng topun məhz orada yerləşdirilməsi üçün xəndəklər qazılmasını əmr etdi. Donanma başçısı Baltaoğluna isə döyüş gəmilərini Haliçin girişinə yığmağı əmr etdi. Məqsəd həm qala divarlarına dənizdən nəzarət etmək, həm də Haliçə daxil olmaqdı: çünki xristian donanması məhz burada lövbər salmışdı.
İstanbulun qala divarları həmin dövrdə dünyanın ən güclü istehkamlarından biriydi. Şəhəri fəth etmək istəyənlər bir qayda olaraq onun divarları önündən kor-peşman şəkildə geri çəkilmək məcburiyyətində qalmışdılar. Bu divarları Roma imperatoru olmuş və «Böyük Konstantin» kimi də tanınan I Konstantin (274–337) inşa etdirmişdi. V yüzillikdə Şərqi Roma imperatoru II Feodosi şəhərin ətrafına ikinci bir divar da çəkdirmişdi. Məhz belə bir güclü, ikiqat müdafiə xəttini nəzərə alan Attila Konstantinopolu tutmaq fikrindən daşınmışdı. Qala divarları mütəmadi olaraq gücləndirilir, xüsusilə zəlzələlərdən sonra ciddi şəkildə təmir edilirdi. Lakin son illərdə zəifləyən Bizansın üzləşdiyi maliyyə çatışmazlığı ucbatından xarici divarların təmiri xeyli vaxtdır yarımçıq qalmışdı.
Mərmərə dənizindən Haliçə qədər 6,5 kilometrlik divar uzanırdı. İç divar, ya da «böyük divar» adı verilən hissənin qalınlığı 34 metrə çatırdı. Hündürlüyü isə 13 metr idi. Şəhərin hündürlükləri 12 ilə 15 metr arasında dəyişən 96 qülləsi vardı… Divarların qarşısındakı xəndəklərin genişliyi 15–20 metr idi. Bir sözlə, iç-çöl divarları ilə birgə qalınlığı 70 metrdən çox olan qala divarları şəhəri üzük qaşı kimi sarmışdı. Konstantinopolun cəmi 10 qapısı vardı. Bunların yarısı hərbi, yarısı isə mülki məqsədlər üçün istifadə olunurdu.
Hələ 717-718-ci illərdə ərəblər Konstantinopolu mühasirəyə alarkən Qalata adlanan qüllədən indi Bağçaqapı adlanan və Konstantinopolun ən qədim hissələrindən olan yerəcən ağac üzgəclərə bərkidilmiş qalın zəncir çəkilmişdi. Haliçə gəmilərin keçməsinin qarşısını almaq üçün çəkilən həmin zəncir hələ də işə yarıyırdı. Lakin qala divarlarının möhtəşəmliyi və haqqında danışdığımız zəncir XI Konstantini qətiyyən rahatlada bilməzdi. Məsələ burasındadır ki, onun ixtiyarında kifayət qədər döyüşçü yoxdu. Bizans imperatorunun tapşırığından sonra aparılan hesablama zamanı aydın oldu ki, vur-tut 4.774 əsgər var. XI Konstantin eşitdiyi rəqəmdən məyus olur və bu məlumatı gizli saxlamağı tapşırır. Tezliklə müxtəlif yerlərdən bir neçə minlik döyüşçü və muzdlu əsgər də cəlb olunur. Lakin bu halda da Konstantinopolu müdafiə etməli olan canlı qüvvənin sayı 7-8 mini keçməzdi.
Üstəlik, Bizans ordusunun topları da zəif idi. Sayca az olan həmin toplar qala divarlarının fərqli yerlərinə qoyulmuşdu. Onlardan bəziləri düzgün emal edilmədiyindən elə ilk atışdaca parçalanaraq yan-yörəsindəki topçuları da öldürəcəkdi…
Xristian ölkələrinin artıq bir müddətdir öz taleyinin ümidinə buraxdığı Bizans imperiyası zəif və böhranlı vəziyyətdə olmasına baxmayaraq Osmanlıya müqavimət göstərməkdə israrlı idi. Bu səbəbdən də ilk hücumdan öncə II Mehmedin təslim olmaqla bağlı təklifi XI Konstantin tərəfindən qətiyyətlə rədd edildi. Sultan şəhəri qan tökmədən fəth etmək istəyirdi. Belə görünürdü ki, onun bu istəyi elə istək olaraq da qalacaqdı.
Aprelin 6-da Konstantin Təkfur Sarayını tərk etdi. Yəqin ki, qəlbinin dərinliyində buranı bir daha görməyəcəyini bilirdi. O, Sent-Roman kilsəsinin yanındakı iqamətgaha yerləşdi. İqamətgah Osmanlı sultanının qala divarlarının çölündəki çadırı ilə eyni istiqamətdəydi.
II Mehmed 400 kilodan da ağır mərmi atmaq qabiliyyətinə ən böyük topunu hazırda Topqapı Sarayının yerləşdiyi səmtlə üzbəüz, 300 kiloluq mərmi ata bilən digər iki topu isə ona yaxın mövqelərdə yerləşdirdi. Nəhəng topu hər dəfə atəş açmaq üçün hazır vəziyyətə götürməkdən ötrü iki saat vaxt tələb olunurdu. Bu hesabla 24 saat ərzində ondan on iki dəfə istifadə etmək mümkün idi.

II Mehmed Baltaoğluna qəzəblənir
Aprelin 12-dən başlayaraq qala divarları, nəhayət ki, top atəşinə tutulmağa başladı. Atəş gecə-gündüz davam edirdi. Bir çox mazqallar, qüllələr, bürclər dağılsa da, divarlarda əsgərlərin içəri keçə biləcəyi böyüklükdə deşiklər açmaq alınmırdı. Belədə, macar əsilli bir nəfərin tövsiyəsi ilə eyni nöqtəni vurmaq əvəzinə, həmin nöqtənin ətraflarını atəşə tutmağa başladılar. Nəticədə vəziyyət dəyişdi. Şəhər müdafiəçiləri işlərini-güclərini atıb ağac parçaları və torpaq dolu çəlləklərlə divar deşiklərini bağlamağa girişdilər. Eyni zamanda bir neçə dəfə qaladan çıxıb kiçik hücumlarla Osmanlı ordusunun diqqətini yayındırmağa çalışsalar da, uğursuzluğa düçar oldular və məhv edildilər.
Bunun ardınca II Mehmed Konstantinopoldan təxminən on kilometr uzaqda yerləşən Tarabya qalasına hücuma keçdi. Sultanın niyyəti Bizans döyüşçülərində daha böyük təşviş yaratmaq və müqavimətin mənasızlığını başa salmaq idi. Qala ələ keçirildi, onun 40 nəfər müdafiəçisi isə qətlə yetirildi. Daha sonra Studion qalası tutuldu. Bu zaman Baltaoğlu isə Mərmərə dənizindəki Böyükadanı ələ keçirmişdi.
Konstantinopol müdafiəçiləri vəziyyətlərinin çıxılmaz olduğunun fərqindəydilər, lakin Osmanlı ordusuna qarşı dirəşməyə davam edirdilər. Beləcə, bir həftə keçdi. Qala divarları ciddi zərər görmüş, Sent-Roman kilsəsi yıxılmışdı. Buna baxmayaraq, bizanslılar hətta II Mehmedi heyrətləndirəcək qədər cəld, çevik tərpənib qala divarlarının daha çox zərər görən yerlərini təmir etməyi bacarmışdılar. İşi belə görən osmanlılar üç qat dəriylə örtülmüş, qala divarlarından bir qədər hündür ağac qüllə düzəltdilər. Onu şəhərə daxil olmaq üçün qala divarına yaxınlaşdırdılar. Lakin bizanslılar elə həmin gecə qülləyə od vurub yandırdılar.
Aprelin 18-də II Mehmed səhər tezdən şəhər qapılarına hücum əmri verdi. Azaplar[11 - Azap – Osmanlı ordusunda piyada əsgər. Azap dəstələri daha çox evlənməmiş, subay gənclərdən könüllülük prinsipilə təşkil edilirdi.] kərənay və nağara sədaları altında nərə çəkərək qala divarlarının qarşısında qazılmış müdafiə xəndəklərini aşdılar. Qapılara od vuruldu. Hündür nərdivanlarla divara dırmaşan Osmanlı əsgərləri şəhərin mühafizəçilərinə ox və mərmi yağdırır, uzun nizələrinin ucuna qarmaq bağlayıb onların müdafiə sığınacaqlarını uçurur, yandırırdılar. Həmin günkü toqquşma axşamadək davam etdi. Lakin Konstantinopola daxil olmaq yenə alınmadı.
Belədə II Mehmed hücumun miqyasını genişləndirmək qərarına gəldi. O, qarşı tərəfdə əsgər sayının az olduğundan xəbərdardı. Bu səbəblə də XI Kostantinin həm dənizdə, həm də quruda eyni vaxtda savaşa bilməyəcəyini düşünürdü. Deməli, şəhərə Haliç tərəfdən də hücum etmək zərurəti yaranırdı. Sultan dərhal Baltaoğluna əmr yollayıb ondan Haliçin girişini kəsən Bizans döyüş gəmilərinə basqın etməyi və zəncirləri qırıb atmağı tapşırdı. Lakin əmrin icrası uğursuzluqla nəticələndi. Bu zaman II Mehmed Haliçin girişində lövbər atmış gəmilərə atəş aça biləcək toplar tökdürməyə qərar verdi. Elə sultanın özünün çəkdiyi çertyoj əsasında ustalar tezliklə topu hazır vəziyyətə gətirdilər. İlk atəşdən sonra düşmən gəmilərindən biri ikiyə bölündü. Lakin bu dəfə də bizanslılar başqa yol tapdılar: gəmilərini top mərmilərinin çatmayacağı uzaqlığa çəkdilər.
Aprelin 20-də Boğazda üç Genuya gəmisi, bir də üstündə Bizans bayrağı olan başqa bir gəmi göründü. Külək kəsdiyindən gəmilər dayanmağa məcbur olmuşdular. Osmanlı sultanı məsələdən hali olan kimi Baltaoğluna əmr göndərdi: «Bu düşmən gəmilərini ələ keçirməyincə geri qayıtma!»
Baltaoğlu dərhal hərəkətə keçdi. Tarixin ən amansız dəniz döyüşlərindən biri başladı. Osmanlı donanmasının ardı-arası kəsilmir, mütəmadi olaraq köməyə əlavə qüvvələr gəlirdi. Döyüşün uzandığından xristianlar ümidsizliyə qapılmışdı. Elə bu vaxt birdən-birə güclü bir külək qopdu. Küləyin şişirtdiyi yelkənlər düşmən gəmilərini hərəkətə gətirdi. Onlar sürətlə Haliçin girişinə qədər irəliləyərək böyük bir fəlakətdən qurtuldular.
Sultan II Mehmed həmin vaxt at belində, sahildə dayanmışdı, vuruşmanı izləyirdi. Həyəcanlı və sevincli görünürdü. Donanmasının düşmən gəmilərini ələ keçirəcəyinə inanırdı. Külək qalxdığını görəndə qan beyninə vurdu, hirsindən yanıb-yaxıldı. Bir söz demədən atını qırmanclayıb geri döndü. Həmin döyüşdə genuyalılar və bizanslılar otuza yaxın adam itirmişdilər. Osmanlı ordusunda isə yüzlərlə ölü və yaralı vardı. Baltaoğlu da yaralılar arasındaydı, gözündən vurulmuşdu.
II Mehmedin qəzəbi dinmək bilmirdi. Baltaoğlu son iki döyüşdə qarşı tərəflə müqayisədə qat-qat güclü donanmaya sahib olmasına baxmayaraq düşmən qarşısında aciz qalmışdı. Əsəbindən dişi bağırsağını kəsən sultan donanma rəhbərini xəyanətdə suçladı və ona «Başını öz əlimlə kəsəcəyəm!» dedi. Sonra isə əlinə dəyənək alıb Baltaoğlunu döyməyə başladı. Ətrafındakıların yalvarışları olmasaydı, bəlkə də, «Kapitanı-dərya»nı[12 - Kapitanı-Dərya – Osmanlı dövlətində donanma başçılarına verilən ad] öldürəcəkdi.
Axırda Baltaoğlunu vəzifəsindən azad edən gənc sultan onun yerinə Həmzə bəyi təyin etdi. Həmzə bəy I Mehmedin sədr-əzəmlərindən olmuş Amasyalı Bəyazid paşanın qardaşı idi.
Aradan bir az keçmiş II Mehmed öz ağıllı məsləhətləri ilə Osmanlı ordusuna dəstək verən Şeyx Ağşəmsəddindən qəribə bir məktub aldı. Ağşəmsəddin sayılıb-seçilən din adamıydı. Eyni zamanda bir çox elmlərlə məşğul idi, dərin biliyə və böyük təcrübəyə sahib idi. Tarixdə II Mehmedin müəllimi olaraq da tanınır.
Şeyx Ağşəmsəddin tələbəsinə məktubunda hücum əmrlərinin yerinə yetirilməsi, döyüş mövqelərinin düzgün seçilməsi ilə bağlı ciddi əskikliklər olduğunu bildirir, buna görə məsuliyyət daşıyanların niyə mühakimə edilmədiyini soruşurdu. Eyni zamanda əsgərlərə şəhəri ələ keçirəcəkləri təqdirdə talanlara icazə veriləcəyini elan etməyi məsləhət görürdü. Yazırdı ki, belədə onlar daha böyük şövq və şücaətlə Konstantinopol üzərinə yeriyəcəklər. «Əlbəttə, külli-ixtiyar Ulu Tanrının əlindədir. Lakin siz də zəfər qazanmaq üçün hər şeyi eləməlisiniz» – o yazırdı.
Şeyx Ağşəmsəddinin tövsiyələri, yəqin ki, gənc sultanın beyninə batmışdı. Odur ki, son hücumdan bir gün öncə əsgərlərinə şəhəri üç gün boyu yağmalamağa izin verəcəyini bildirəcəkdi…

Gəmilərin qurudan yeridilməsi
Osmanlılar dəniz döyüşlərində özlərini qurudakı qədər rahat və güclü hiss eləmirdilər. Bu səbəbdən o zamanlar belə bir məşhur söz də yaranmışdı: «Tanrı qurunun hökmdarlığını türklərə, dənizlərin hökmdarlığını isə kafirlərə verib». Lakin vaxt gələcəkdi ki, «Qanuni» ləqəbli Osmanlı sultanı Süleyman nəinki quruda, «Barbarossa» (italyan dilindən tərcümədə «qırmızı saqqal» deməkdir) ləqəbli Xeyrəddin paşa[13 - Xeyrəddin Paşa – Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və donanma başçısı və Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanıdır.] sayəsində Aralıq dənizində belə hökm edəcəkdi…
Hələliksə, II Mehmed belə bir ağıllı, cəsur, məharətli donanma başçısından məhrum idi və bu gənc sultanı narahat edir, düşündürürdü. O bilirdi ki, Osmanlının ən önəmli əskiklərindən biri dəniz müharibələrində təcrübəsizliyidir. Əslində Baltaoğluna son anda mərhəmət göstərməsinin bir səbəbi də bu idi. Bütün məsuliyyəti sadəcə «Kapitanı-dərya»nın üzərinə yükləmək nə qədər doğrudur?
Lakin bir həqiqət də dəyişməz olaraq qalırdı: Konstantinopol üzərinə müdafiəsi zəif təşkil olunmuş Haliç istiqamətindən hücuma keçmək ən doğru yol idi. Buna görə də öncə onu ələ keçirmək lazım idi. Osmanlı donanmasının qarşısını dəniz tərəfdən zəncirlər və xristian gəmiləri kəsdiyindən Haliçə ancaq qurudan girmək mümkündü. Bəs bunu necə etməli?
Çox götür-qoydan sonra II Mehmed dünya tarixinin ən ağlasığmaz qərarlarından birinə imza atdı: hərbi gəmilərindən bir qismini quru yolla Haliçə keçirmək fikrinə düşdü! Özü də arada nə az, nə çox, düz dörd kilometr yarımlıq məsafə olduğu halda! Lakin gənc sultanın niyyəti qəti idi. O, çoxsaylı döyüşçünü bu dörd kilometr yarımlıq məsafəni təmizləmək üçün səfərbər etdi. Saysız-hesabsız əsgər ərazidəki çala-çuxurları doldurdular, ağacları kəsdilər. Ardınca kəsilmiş ağacları bir-birinə möhkəm bağlayıb şpal şəklində düzdülər və genuyalılardan alınmış yağlar vasitəsilə sürüşkən hala gətirdilər. Yeri gəlmişkən, Konstantinopolun fəthi zamanı genuyalılar gah bizanslılara, gah osmanlılara kömək edirdilər.
Daha sonra gəmiləri quruda yeritməyə – atlara, öküzlərə qoşub həmin şpalların üzəri ilə Pera təpələrinə qədər çəkməyə başladılar. Ardınca yetmiş iki ədəd iki kürəkli gəmi bir neçə böyük gəmidən ibarət donanmanı həmin yüksəklikdən aşağı endirdilər. Şahidlərin sonralar yazdığına görə, gəmilər sanki dənizdəymiş kimi hərəkət edirdilər.
Qala divarlarının üstündəki bizanslılar heyrət içində idilər: onlar gözlərinə inana bilmir, qarşılarındakı mənzərəni təəccüb və çarəsizlik içində izləyirdilər!
Artıq qala divarlarının ən zəif yerləri osmanlıların aramsız atəşi altındaydı. Bizanslılar vəziyyətdən çıxış yolunu rəqib donanmasına od vurmaqda gördülər. İtalyan kadırğalarından birinin kapitanı Giakomo Koko könüllü olaraq komandanlığı öz üzərinə götürdü. Aprelin 28-də səhər tezdən iki gəmi yun və pambıqla yükləndi. Bununla yanaşı, içərisində barıt və digər partlayıcı, eləcə də alışqan maddələr olan üç kiçik gəmi limandan ayrıldı. Koko digər gəmiləri gözləmədən hücuma keçdi. Bir neçə dəqiqədən sonra qulaqbatırıcı gurultu qopdu. Giakomonun kadırğasına mərmi düşmüşdü. O, təxminən min döyüşçüylə bərabər sularda qərq oldu. Digər kadırğa da zədələndi, ancaq batmadı. Bu vaxt osmanlılar əks-hücuma keçib iki xristian gəmisini əsir almağa çalışdılar. Döyüş iki saat çəkdi. Xristianlar səksən əsgər və bir gəmi, osmanlılar isə kiçik bir gəmi itirdilər.
Bizanslıların türk donanmasına od vurmaq planı acınacaqlı nəticələnmişdi. Bu daxili mübahisələrə gətirib çıxardı. Fiaskoya görə məsuliyyəti genuyalılarla venesiyalılar bir-birinin üstünə atırdılar. Axırda az qala əlbəyaxa oldular. XI Konstantinin səbri daraldı və dedi: «Bəsdir! Başımıza gələnlər az deyilmiş kimi, bir də siz öz aranızda qırğına çıxmayın!»
Bu zaman artıq Haliçə daxil olmağı bacarmış gənc sultan qazandığı uğurun davamını gətirmək üçün dayanmadan çalışırdı. O, Konstantinopolun mühasirəsini tamamlamaq məqsədilə indiki Balat ilə Kasımpaşa istiqamətləri arasında körpü qurdurdu. Bu körpü gəmilər və taxta çəlləklər bir-birinə birləşdirilərək qurulmuşdu. Uzunluğu 500, eni isə 4,5 metr idi. Üstündən beş atlı yanaşı keçə bilirdi. Məqsəd Haliç limanı vasitəsilə qarşı sahillər arasında əlaqəni gücləndirməkdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289511) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Sədr-əzəm – Osmanlı dövləti dönəmində padşahın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi ünvan; baş vəzir

2
Kardinal – katolik kilsəsində Roma papasından sonra ən yüksək dini rütbə

3
Voyevoda – hərbi bölük. Burada ardıcıllıqla serb, macar və rumın voyevodaları nəzərdə tutulur.

4
Yeniçəri – Osmanlıların ələ keçirdiyi ərazilərdə əsir götürülən 8-18 yaşlı xristian əsilli oğlan uşaqlarından yetişdirilən xüsusi döyüşçü

5
Orxan Çələbi – Osmanlı padşahı I Mehmedin (1389-1421) böyük qardaşıdır. Bacısı Sultan Fatma xanımla birlikdə Bizansa girov göndərilmişdilər. Bizans imperiyası Orxan Çələbini tez-tez Anadoluya göndərərək üsyan qaldırmaq istəyirdi. Buna son qoymaq üçün Osmanlı dövləti Bizansa xərac verməyi boynuna götürməli olmuşdu

6
İstanbul boğazı – Tarixi adı Bosfor boğazıdır. Qara dənizlə Mərmərə dənizini əlaqələndirən su bu keçidi, eyni zamanda İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır.

7
Renosans ( və ya İntibah) dövrü – XIV əsrin əvvəlində İtaliyada əsası qoyulmuş, XVI əsrdə öz zirvə nöqtəsinə çatmış intellektual və mədəni çiçəklənmə dövrü

8
Gözəlcəhisar – indiki adı ilə «Anadolu hisarı (hasarı – red.)». Vaxtilə, 1395-ci ildə I İldırım Bəyazid də orada qala inşa etdirmişdi. II Mehmedin qala tikdirdiyi yerdə isə qədim yunan mifologiyasının məşhur tanrıçalarından biri Hermesin məbədi vardı.

9
Aya Sofya – İstanbulda yerləşən, 532–537-ci illərdə Bizans imperatoru Justinianos tərəfindən inşa edilən məbəd. 537–1204-cü illərdə yunan ortodoks kilsəsi, 1204–1261-ci illərdə katolik kilsəsi, 1261-1453-cü illərdə yunan pravoslav kilsəsi, 1453–1934-cü illərdə məscid, 1934–2020-ci illərdə muzey kimi fəaliyyət göstərib. 2020-ci ilin iyulundan yenə də məscid statusu verilib.

10
Mil – 1609 metrə bərabər uzunluq ölçü vahidi

11
Azap – Osmanlı ordusunda piyada əsgər. Azap dəstələri daha çox evlənməmiş, subay gənclərdən könüllülük prinsipilə təşkil edilirdi.

12
Kapitanı-Dərya – Osmanlı dövlətində donanma başçılarına verilən ad

13
Xeyrəddin Paşa – Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və donanma başçısı və Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanıdır.
Fateh Sultan Mehmed Andre Clot
Fateh Sultan Mehmed

Andre Clot

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Fateh Sultan Mehmed, электронная книга автора Andre Clot на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв