Bakı – 1501

Bakı – 1501
Əzizə Cəfərzadə
Azərbaycan ədəbiyyatı
Bu romanda Şah İsmayılın Bakıya yürüşündən danışılır. Maraqlı epizodlarla zəngin əsər oxucunu yüzillər öncəyə aparır, onu tariximizin ən mürəkkəb dövrlərindən biri ilə tanış edir.

Əzizə Cəfərzadə
BAKI 1501

PROLOQ
Şahzadə Qazi bәy darıxırdı. Neçә gün idi ki, onun müəllimi, Şirvanşahlar sarayının qazısı olan Mәhәmmәdyar vәfat etmişdi. Musiqi vә kef mәclislәrinә ara verilmişdi. Odur ki şahzadә özünә yer tapmırdı. Yuxudan durandan sonra nә edәcәyini bilmirdi.
Bu gün dә elә oldu. Bir qәdәr yerindә o üz-bu üzünə çevrildi. Sonra nәdimi[1 - Nədim – burada: keçmişdə şahların, xanların həmsöhbəti] olan Salehi çağırıb gәzintiyə çıxmaq üçün hazırlıq görmәsini әmr etdi. Özü isә yemәyә әylәşdi. İştahası da yox idi. Bir az cücә çığırtması yedi, bir piyalә süd içib sarayın eyvanına çıxdı. Nәdim onu qarşıladı:
– Atlar hazırdır, şahzadә.
– Çox gözәl.
Şahzadә ov paltarında hәyәtә endi. Xәyal onu götürmüşdü: «Bu ov libası nәyimә gәrәkdir? Şirvanın ceyranlı düzәnlәrindә, kәklikli dağlarında olsaydım, yerinә düşәrdi. Bu qumluqlar diyarında әlimә ov keçmәyәcək. Nә isә… Uğur olsun!» – deyә öz-özünә iş avandlığı dilәyib atlandı. Nәdimin dә onunla yollanmasını әmr etdi. Nәdim Saleh atını mindi. Cavan hacibә[2 - Hacib – orta əsrlərdə bütün müsəlman Şərqində hökmdar sarayında yüksək vəzifələrdən biri]:
– Soruşsalar, gәzintiyә çıxdıq, deyәrsәn, – söyləyib saraydan çıxdı.
Onlar hara getdiklәrinin fәrqinә varmadan qumlar arasında düşmüş cığırla irәlilәyirdilәr. Bir tәrәf sıldırım qayalıqlı tәpәlik, bir tәrәf dәniz… Xәzәr bu gün çox sakit idi. Bahar idi. Tәkәmseyrәk kol-kos görünәn sahildә, qayaların altında arabir qara lәkәlәr nәzәrә çarpırdı. Xәfif gilavar kәsif neft iyini dağıda bilmir, xırdaca-xırdaca lәpәlәri qovub uzaqlara aparırdı. Buradan daşlı-kәsәkli tәpәlәrin döşü ilә uzanan qayalıq yollarda nә ağac, nә bir iri kol var idi. Amma yamaclar qumların rәnginә çalan sarı güllər, çobanyastığı, dәvәtikanı, qiyaq vә yepәlәk ilә örtülmәyә başlamışdı.
Cavan şahzadә özünәməxsus gözəlliyi olan bu alәmi duya bilmirdi. O, firuzәyi Xәzәrin әnginliklәrinә baxdıqca hәsrәtlә Şamaxının yaşıl çәmәnlәrini, güllü-çiçәkli bağlarını, Fit dağı vә Gülüstanın qalın meşәlәrini, ceyranlı-cüyürlü, kәklikli-turaclı ovlaqlarını xatırlayırdı, havaların qızmasını gözlәyirdi ki, Şirvanşah Fərrux Yasar köç әmrini versin vә saray yay aylarında Şamaxıya – yaylağa yollansın. Şahzadә Qazi bәy mәhz bu aylarda canlanır, bütün günlәrini nədimi ilə birlikdә ovda keçirir, çadırlarda yatır, çox vaxt yastığı yәhәr, yorğanı әngin sәma olurdu. Uzun, düz yonduqları şişlərə ceyran-cüyür әti, ya da ov quşları çәkib yeyirdilәr.
Bütün bu arzularla birlikdә indi yetkin gənclik dövrünә qәdәm qoymuş şahzadәnin qәlbində bir şeir bulağı qaynamağa başlamışdı. Yox, o, şeir qoşmurdu. Başqalarının yazdığı şeirlәri oxuyur, qәlbindә dönәm-dönәm tәkrar edirdi. Mavigözlü Xәzәr, sonu görünmәyәn dumduru sular onu çәkib harasa uzaqlara aparırdı. Sarayda onun bәxtindәn gözәl bir müәllimi var idi. Düzdür, qazı Mәhәmmәdyar ona şәriәti öyrәtmәli idi. Amma çox vaxt dərslәri qәdim tarixә malik Azәrbaycan, әrәb, fars ədəbiyyatını öyrәnmәklә keçirdi. Qazı rütbәsinә baxmayaraq gözәl bir alim vә şair ruhlu insan olan Məhəmmədyar hətta gәnc tәlәbәsinә xəlvət şəkildə Nәsiminin şeirlәrini oxuyurdu, deyirdi:
– Düzdür, hәyatının sonunda Seyid İmadәddin dinsizliyә üz qoydu, Allaha şәrik qәrar qoşdu. Tohidi[3 - Tohid – Allahın tək və şəriksiz olduğunu qəbul etmək] dandı. Dini-mübinimizә xeyli zәrәr vurdu vә bunun cәzasını da çәkdi. Amma, bununla belә, o, insanı göylәrә ucaldan, pak, bәşәri mәhәbbәti tәrәnnüm etmişdi. Onun qәzәliyyatının misli yoxdur. Müqәddәs, ülvi sәdaqәt və mәhәbbət tәrәnnümündә bənzərsizdir.
Bunu dedikdən sonra Məhəmmədyar «bənzərsiz» adlandırdığı Nəsiminin şeirlərini hәvәs vә bәlağәtlә oxuyardı.
Müəllimini xatırlayanda Qazi təəssüfləndi: «Heyif, çox heyif ki, elә bir müəllim köçdü bu dünyadan. Allah bilir, şah babam yerinә kimi tәyin edәcәk? Yerindә, görәsәn, hansı bir molla olacaq? Onun yanında Nәsiminin nәinki әşarını oxumaq, hәtta, bәlkә, heç adını da çәkmәk olmayacaq. «Bunlar hamısı küfrdür» – deyәcәk. Amma mәnim könlüm bu küfrü bir hәyat, bir Allah bәxşeyişi hesab elәyir».
Qazi bәyin könlü naməlum bir eşq ilә çırpınırdı. O bu eşqin harada, kimə qovuşacağını bilmirdi. Bu, bir saray gözәlimi, atasının hәrrac bazarında aldıracağı yaraşıqlı cariyəmi olacaqdı? Hər halda, gәnc ürәk idi, şairlәr demişkәn «eşq ilә nümuv» – dopdolu idi. Qәlbinin qapıları açıq idi. Bu qapıdan kim girәcәkdi, bilmirdi.
…Yol onları Bibiheybət pirinə gәtirib çıxardı. Şıxlar pir әtrafında görünmürdülәr. Görünür, bu gün ya zәvvar çox idi, evlәrinә yığışmışdılar; ya da, әksinә, zәvvar az idi, pirin həyətindәki böyük tut ağacının altına toplaşıb kölgәlikdә laqqırtı vururdular.
Onlar məqbәrәyə yaxınlaşmadan qara qayaların üstündә dayandılar. Qazi bәy el arasında «Qırx qızlar» adlanan bu qayaları çox sevirdi. Arabir Bibiheybәtә yolu düşәndә mütlәq buraya gәlәr, Xәzәrin mavi sularına sallanmış qara qayaların üstündә saatlarla oturardı. Həm dәnizi seyr edər, hәm dә arasından dumduru, göz yaşı kimi su gillәnәn bu qayaların hәzin ninnisinә qulaq asardı. Danışmışdılar ona, demişdilәr ki, «Qırx qızlar»ın faciәli macәrası var. Bir zaman şiәlәrin sәkkizinci imamı imam Rza xәlifə Mәmun tәrəfindәn zəhәrləndirilib öldürülәndәn sonra onun bacısı Hökumә xatın tәqib olunur, düşmәndәn qaçır. Xәzәrә pәnah aparır. Hökumә xatının qırx kәnizi varmış. Xanım Heybәt adlı birisinin gәmisinә minib qaçanda kәnizlәrini dә özü ilә götürübmüş. Qaçqın qızlar hәmin bu sahilә yan alırlar. Az sonra Hökumә xatın vәfat edir. Onu buradaca dәfn edirlәr. Kәnizlәr – doğma vәtәnindәn ayrılıb sərgərdan düşmüş qızlar isə hәmin bu yerdə daşa dönürlәr. Qayalardan sızan su da onların göz yaşlarıdır. Hәzin ninnilәr onların sızıltısıdır. Doğmalarınımı sәslәyirlәr, vәtәn üçünmü ağlayırlar, kim bilir?
Şahzadә Qazi bәy indi dә hәmin yerdә dayandı.
– Saleh, o şıxların üzünü görməmişdən әvvәl gәl burda bir az dincәlәk.
Nәdim Saleh qәlbindəki sevinci gizlәdə bilmәdi. Bütün yolboyu şahzadә xəyallara dalmışdı, görünür, müәlliminin vәfatından yaman qüssә çәkirdi. Odur ki Salehlә bir kәlmә dә kәsmәmişdi. Halbuki Salehin bir nәdim kimi vәzifәsi öz şahzadəsini əylәndirmәk idi. Xoş sözlәr, gözәl şeirlər, musiqi vә әylәncәlərlә onu mәşğul etmәli, könlünü açmalı idi. Saleh qorxurdu ki, Qazi bәy ondan inciyə, şaha xәbәr verә ki, «bu nədim öz ağasını əylәndirə bilmir, o mәnә lazım deyil» vә, beləcə, Saleh dә bir parça rahat çörәyini itirə… Ona görə də indi cavan şahzadənin onunla gülümsәr və mehriban danışmağı nәdimi ovundurdu.
– Doğru buyurursan, şahzadə, mәnim də onlardan zәhlәm gedir.
Şahzadә nәdәnsә birdәn-birә tutuldu. Öz rәiyyәti haqqında başqasına yaman söz demiş, başqasından da yaman söz eşitmişdi. Halbuki mәrhum müәllimi Mәhәmmәdyar ona deyәrdi: «Rәiyyәtə övladın kimi yanaş. Ona qarşı rәhmli vә әdalәtli olmağa sәy göstәr. Öldürsәn dә, yada vermә».
Qazi bəy Salehin dә könlünә dәymәk istәmirdi. Tәxminәn yaşıdı olan bu cavanı sevirdi. Axı elә indi onun hamını, hәr şeyi sevәn vaxtı idi.
– Bilirsәn, Saleh, o yazıq şıxlarda da taxsır yoxdur, – deyә şahzadә dillәndi. – Bir әtrafına bax! Hətta baharın bu gözәl çağında belә qupquru olan qayalar üstündә püstәni, zeytunu min zәhmәtlә onlar yetişdirib. Əkinә yararlı torpaqları azdır. Karvan yollarından qıraqdadırlar. Neylәsinlәr?! Nә ziyarәt, nә ticarәt, nә dә heyvandarlıq – heç birindәn Allah onlara bol pay vermәyib. Zığdakı, Badamdardakı azacıq әkin yerlәri isə ruzularına yetmir. Onlar nә ilәsә dolanmalıdırlar. Odur ki gözlәrini dikiblər zәvvarlara… Qayıqla daşıyırlar, başqa xidmәtlәrini yerinә yetirirlәr… Bununla da dolanırlar…
Saleh heybәlәrdәn qumqumaları çıxardı, irәlicәdәn şərabla doldurulmuş xırda sәnәklәrin birini şahzadәyә uzatdı vә düşündü ki, «hә, bunlar rәhmәtlik müәllimin sözlәridir. Görәsәn, şahzadә hakimiyyәti әlә alandan sonra da belә fikirlәşәcәk, yoxsa rəiyyətlə dәdә-babası kimi davranacaq?!»
Nәdim başını tәrpәdərək şahzadәnin sözlәrini tәsdiqlәdi. Qәlbindәn keçәnlәri şahzadәnin oxuya bilәcәyini düşünüb qorxduğu üçün gözlәrini uzaqlara, Xәzәrdә dalğalanan tәk bircə qayığa zillәdi.
Bir müddət sonra onlar yenidən atlandılar, Bibiheybətdən keçib Şıxlar kəndinin yastı damlı, daş evlərini arxada buraxdılar və əl-ayaqlarını yuyub dincəlmək üçün Xəzərin hamar, tərtəmiz, inci qumlu sahilinə endilər. Axırıncı evə çatanda Qazi bəy atını saxladı. Atı Salehin yedəyinə verib sahilə düşməsini işarə etdi. Onu saxlayan xoş səslə oxunan bir nəğmə idi. Hasarın o biri üzündə üzünü görmədiyi bir qız nəğməni çırtmaq vura-vura oxuyurdu.
Araxçının yan qoyub,
Yan qoyub, bu yan qoyub.
Qapıdan keçən oğlan
Ürəyimə qan qoyub.
Şahzadə yaxınlaşıb daşların arasındakı deşikdən içəri baxdı. İlahi, insan əli nəyə qadirdir! Bu susuz, qumsal aləmin ortasındakı bu balaca həyət behiştin bir guşəsi idi. Həyətin tən ortasında bağara ilə işləyən bir quyu, quyunun ətrafında qızıl qumlar üstünə sərilmiş gömgöy meynələr, birmərtəbəli yastı-yapalaq evin səkisi boyu qızılgül və başqa çiçək kolları, qarşıda hasar uzunu alçaq əncir ağacları görünürdü. İplərə qağayı kimi ağappaq paltar yuyulub sərilmişdi. Quyunun yanında isə o – oxuyan həmin qız dayanmışdı. Qızın xınalı əlləri, xınalı ayaqları Şirvanın qayalarında, yosunlu daşlarında pərvaz edən kəkliklərin ayağı kimi al rəngdə idi. Bir cüt hörüyünü əl-ayağına dolaşmasın deyə belində tumanının lifəsinə sancmışdı. Əynində sadə çit köynək vardı, köynəyinin dəyirmi yaxasında mərcan qızarırdı.
Şahzadə hasar boyu yeriyib qapını axtarmağa başladı. Taxta qapı açıq idi. Qapı ağzında dayanıb qıza baxmağa başladı. Qəribə bir hiss qızı diksindirdi. Başını qaldırıb qapıya tərəf baxdı və oğlanı gördü. Qız, əlbəttə, şahzadəni tanımırdı. Amma geyimindən ali məqamlı bir adam olduğunu başa düşdü. Yəqin, zəvvardır, babasını axtarır, ev tutmaq, dincəlmək istəyirdi. Qız belə şeylərə alışmış şıxlar ailəsindən olduğundan özünü itirmədi, kəndli qızlarına xas olan bir cürətlə qonağın qarşısına çıxdı, xoşgəldin elədi. Cavanın nə istədiyini gözlədi. Cavan isə… gözəllik qarşısında özünü, bütün ətraf aləmi unutmuşdu.
Sükutu qız pozdu:
– Nə istəyirdin, qardaş?
– Bu kimin evidir? – şahzadə maraqlandı.
– Babam Şıx Kəbləlinin. İndi pirdə zəvvar gözləyir.
– Siz zəvvar saxlayırsınız?
– Əlbəttə. Bütün kəndimiz kimi, hamı şıxlar kimi.
– Onda bizim üçün çay tədarükü gör. İki nəfərik. Yoldaşım dənizə tərəf düşdü. İndi gələr.
– Onda mən də babama xəbər eləyim…
Oğlan sahilə enəndə arxadan səs eşitdi. Qız hasarın üstünə dırmanıb qonşu evdən kimi isə səsləyirdi:
– Xeyransa xala, ay Xeyransa xala!
– Nədir, Bibixanım?
– Xeyransa xala, Ağadayını göndər pirə. Babama desin ki, qonağımız gəlib.
«Demək, adı Bibixanımdır, – şahzadə düşündü. – Yox, sənin adın Sultanım xanım olacaq. Sən mənim sultanım olacaqsan. Yoxsa bu gen dünya mənə dar gələr».
Şahzadə sahilə endi. Nədim Saleh atları yan-çidar edib buraxmış, özü də dənizin dumduru suyunda əl-üzünü, ayaqlarını yuyub oturmuşdu.
– Dur bir hazırlaş, – şahzadə gülərüzlə dedi. – Mən də əl-ayağımı yuyum, qonaq gedəcəyik.
– Hə, bu başqa məsələ…
– Ancaq unutma: biz zəvvarıq!
Onlar həyətə yaxınlaşanda Şıx Kəbləli qapının önündə dayanıb intizarla gözləyirdi. Görünür, çoxdan zəvvarı olmamışdı. Kişi cavanları, əsl dindar zəvvara oxşamasalar da, səmimi qarşıladı.
– Ziyarətiniz qəbul olsun, ağalar! Bibi mətləbinizi versin!
– Allah ağzınızdan eşitsin.
Həyətdəki tut ağacının altına palaz döşənmiş, süfrə salınmışdı. Süfrəyə çaydan, doşab, əncir riçalı, tut qurusu, pendir, yağ, təndir çörəyi qoyulmuşdu. Bunların hamısında təmizlik və səliqə-sahman var idi.
Baba Şıx Kəbləli çaydandan fincanlara çay süzüncə Bibixanım tavada bişirdiyi qayğanağı ortaya gətirdi.
Qız az sonra onların hərəsinə üzündə qızılı yağ üzən bir kasa yaşılımtıl dolma suyu və nimçədə bir düzüm dolma gətirdi. Şahzadə ömründə belə ləzzətli dolma yeməmişdi.
* * *
1501-ci ilin baharında şeyx oğlunun Arazdan bu yana keçməyinin xəbəri çıxdı. Deyirdilər ki, şeyx oğlu babası Şeyx Cüneydlə atası Şeyx Heydərin qanını Şirvanşah Fərrux Yasar ibn İbrahim Xəlilullahdan almaq üçün gəlir. Bunu eşidən Fərrux Yasar: «Əgər buralara gəlib çıxsa, o da atası kimi öz payını alacaq», – dedi. Gah Mahmudabad, gah da Şirvanın Gülüstan, Fit tərəflərində döyüşlərin gücləndiyi sorağını alan Fərrux Yasar Gülüstanda müdafiəyə çəkilmiş qoşununa köməyə getdi. Bakı qalasının müdafiəsini oğlu Qazi bəyə həvalə etdi. Hələ də şeyx oğlunun qüvvəsindən bixəbər idi. Az müddətdə qələbə çalıb qayıdacağına inanırdı.
Şeyx oğlunun kimliyini, bu xəbərlərin nə qədər doğru, nə qədər yalan olduğunu bilmək üçün bir neçə il əvvələ qayıtmaq lazımdır.

Zənbil içində keçən gün
Lahican bağları körpə İsmayılın çox xoşuna gəlmişdi. Burada bir qədər dinclik tapmışdı. Yeddi yaşı olmasına baxmayaraq yaşlı insan ömrünün dözə biləcəyi bəlalara dözmüşdü. Odur ki yaşıdlarına nisbətən çox böyümüşdü. İndi Lahicanda, Gilan hakimi Mirzəlinin sarayında özünü sərbəst hiss etməyə başlamışdı. Bu sərbəstliyin özü də nisbi idi. Hər dəfə saray ətrafında naməlum adam görünən kimi onu gizlədirdilər. Xırdaca ürəyi döyünə-döyünə pənahgahlara gedir, nə zaman çölə çıxarılacağını gözləyə-gözləyə orada oturur, heç bir zaman ayrılmadığı kitablarını oxuyurdu. Bayıra çıxarılan kimi balaca qılıncını, nizəsini, ox və kamanını işə salır, Mirzəli hakimin və başqa xanzadələrin oğulları ilə birlikdə hərbi təlim keçirdi. Bu təlimlər onun üçün yeddi yaşlı uşağın oyunlarını əvəz edirdi.
Bütün «oyunlar» onun xoşuna gəlsə də, çəkdiyi keşməkeşlərin acılarını unutdura bilmirdi. Atası Şeyx Heydər Dağıstanda – Şirvan sərhədlərində öldürüləndən sonra Ərdəbil sufiləri xeyli zəifləmişdi və buna görə də Uzun Həsənin oğlu Sultan Yaqub Ərdəbili asanlıqla ələ keçirə bilmişdi. İsmayıl atasını xatırlamırdı. Amma anası Marta – Aləmşah bəyim yadında idi. İstəxr qalasında həbsdə qaldıqlarını lap yaxşı xatırlayırdı. Qardaşları Sultanəli və İbrahim də qalada həbsdə idi. Anası Aləmşah bəyim Uzun Həsənin qızı idi. Trabzon imperatoru Hompenin qızı Katsrinqdən – Dispina xatından dünyaya gəlmişdi.
Sonra Sultan Yaqub öldü və qardaşları arasında hakimiyyət uğrunda ixtilaf düşdü. Şeyx Heydər öldürüldükdən sonra böyük oğlu Sultanəli onu əvəz edirdi. Uzun Həsənin oğlanları onlara qarşı mübarizə meydanı açanda Sultanəli Səfəvi şeyxliyinə kiçik qardaşı İsmayılı təyin etdi. Özü ortancıl qardaşı İbrahimlə birlikdə döyüşə yollandı. Döyüşlərdə qardaşlar həlak oldular. Müridlər kiçik İsmayılı Ərdəbildən götürüb gizli yollarla Lahicana gətirdilər.
Lahicanda da İsmayılın dincliyi yox idi. Uzun Həsənin oğlu Rüstəm padşah tez-tez qasid göndərib Mirzəli hakimdən uşağı tələb edirdi. Mirzəli də müxtəlif bəhanələr gətirir, İsmayılı ələ vermirdi. Vəziyyət beləcə qalırdı.
Bir gecə Mirzəlinin adamlarından biri ona Rüstəm padşahın yenidən qasid və qoşun göndərəcəyini xəbər verdi. Həmin gecə Mirzəli çox narahat yatdı.
Yuxuda gördü ki, onu qovurlar. Atlılar ona çataçatda yuxarıdan bir əl uzanıb onu səhradakı yeganə ağacın başına qaldırdı. Kişi qolunun ağrısından yerindən dik qalxdı. Qolu altında qalmışdı. Gecəni sübhə kimi yata bilmədi. Hələ axşam güdükçülərinin verdiyi xəbərlə yuxu arasında nəsə bir yaxınlıq, bir əlaqə görürdü. Düşündü, düşündü… Yerində çevrildi. Heç cür yata bilmirdi. Yerindən qalxdı, İsmayılın yatdığı otağa keçdi. Balaca Şeyx İsmayıl yatağında mışıl-mışıl uyuyurdu. «Dünyanın bu qarışıq vaxtında qapımda sənə bir xətər toxunsa, atanın ruhu qarşısında nə cavab verərəm?» – Mirzəli hakim belə düşünüb otağına qayıtdı. Səhər Rüstəm padşahın adamlarına nə bəhanə gətirəcəyini düşünə-düşünə yatağına uzandı.
Gün çırtlayan kimi darvaza şiddətlə döyüldü. Mirzəli hövlnak qalxdı. Nökər-naib hələ oyanmamışdı. Kişi özünü tələsik darvazaya yetirdi. Gələn onun dostlarından biri idi:
– Ağa, başına dolanım, Rüstəm padşahın adamlarından üç yüz atlı Lahicanın bir mənzilliyində durub. Nahar vaxtına burda olarlar.
Atlı bunu deyib qayıtdı. İlk növbədə İsmayılı bu hadisəyə hazırlamaq lazım idi. «Başına çox qəzəvü-qədər gəlsə də, axı hələ uşaqdır», – deyə Mirzəli hakim düşündü. Bu düşüncələrlə də onun otağına daxil oldu. İsmayıl artıq geyinmiş, sanki uzaq bir səfərə hazırlaşmışdı. Kişi təəccüb içində baxdı. Darvazanın şiddətlə döyülməsi, görünür, onu məsələdən hali etmişdi.
Mirzəli hakim heyrət içində səsləndi:
– Qurbanın olum, nə tez oyanmısan?
Oğlan körpə dodaqlarına yaraşmayan bir ciddiyyətlə acı-acı gülümsədi:
– Dedim, səfərə hazır olum.
– Hansı səfərə, qurbanın olum?
– Əgər səfər yoxsa, onda qapı belə erkəndən niyə döyülsün və sən niyə belə narahatsan?
Mirzəli hakim uşağın fərasətinə könlündə «afərin» dedi, onun kədərli taleyinə qəlbi parçalandı.
– Qurbanın olum, şeyxim, haqlısan! Gələn bəla sənin üçün gəlib. Xəbər gətiriblər ki, qasidlərə verdiyim cavablar padşahı qane etməyib. Üç yüz atlı Lahicanın bir ağaclığındadır. Buraya çatmaqlarına az qalıb.
İsmayıl yeddi yaşlı uşaqdan gözlənilməyən bir soyuqqanlıqla soruşdu:
– Məsləhətin nədir?
– Əgər razı olsan, izin versən, bir fikrim var. Onu edərik, bəla sovuşar.
– Sən nə məsləhət görsən, mən razıyam.
– Əhsən, mənim balam, – Mirzəli hakim özünü saxlaya bilməyib hisslərini büruzə verdi. Amma tez də özünü ələ aldı. – Əfv et, şeyxim, dilim dolaşdı.
İsmayıl ata məhəbbətinin nə olduğunu bilməmişdi. Doğrudur, anası da, həbsxanada olanda qardaşları da onu sevər, oxşardılar. Lələ Hüseyn bəy, Məhəmməd və Əhməd bəy, Türkmən qardaşları da onu canlarından əziz tutardılar. Qaçqınlıq zamanı bu adamlar canları bahasına onu qorumuşdular. Hər birisi həyatını təhlükə altında qoyaraq şeyxi öz evində gizlətmişdi. Mirzəli hakimin «Əhsən, mənim balam» sözləri İsmayılın qəlbinin dərinliklərinə işlədi, sevdiyi bu adamları yadına saldı. Bir anlıq mənsəbini, məqamını, daim müridlər tərəfindən ona təlqin olunan şeyxliyini, böyüklüyünü unudub Mirzəli hakimə yaxınlaşdı. Onu qucaqlamaq, bəlalı başını kişinin enli, qüvvətli sinəsinə sıxmaq istədi. Lakin Mirzəli hakimin «Əfv et, şeyxim, dilim dolaşdı» sözləri mövqeyini onun yadına saldı. Yarı yolda dayanıb:
– Məsləhətini söylə, – deyə əmr etdi.
– Şeyxim, evi axtarmasınlar deyə Qurana and içməliyəm. And içib sənin bu torpaqlarda olmadığını deməliyəm.
– Axı onlar gələnəcən sənin torpaqlarından uzaqlaşmağa macal tapmaram.
Kişi hər iki əlini göyə qaldırdı.
– Əstəğfürullah… Dilim kəlmeyi-şəhadətə gəlməsin, əgər sənin bu evdən çölə qədəm qoymağını düşünmüşəmsə. Sən burdan heç yana getməyəcəksən. Qoymaram da…
– Bəs onda…
Mirzəli hakim qapıya çönüb səsləndi:
– Qulam, o zənbili gətir…
Nökərlərdən biri otağa daxil oldu. Düyü küləşindən toxunmuş yumşaq və olduqca iri bir zənbil gətirdi, yerə qoyub çıxdı. İsmayıl heyrət içində zənbilə və Mirzəli hakimə baxırdı. Hakim izahat verməyə məcbur oldu:
– Qədəmlərinin qurbanı olum, – dedi, – sən bir neçə saatlıq, mən and içənəcən bu zənbilin içində rahatca özün üçün oturacaqsan. Zənbil ağacdan asılmış olacaq. Mən də and içəcəyəm ki, sən bu torpaqda deyilsən.
İsmayıl heyrət içində dayanmışdı. Çəkdiyi əziyyətləri xatırladı: gizli zirzəmilər, təndirlər, külbələr içində günlərlə saxlanmışdı. Birsaatlığa zənbil içində oturmaq nə olan şeydir ki!
İsmayıl:
– Razıyam, – dedikdə Mirzəli rahat nəfəs aldı. Cəld otaqdan çıxdı. Hər şeyi özü etməli idi ki, nökərlər bu sirrə vaqif olmasınlar.

Bibixanım Sultanım
Müəlliminin qırxı çıxsa da, şahzadə Qazi bəyin otaqlarından şənlik səsi gəlmirdi. O, vaxtının çoxunu nədim Salehlə gəzintilərdə keçirirdi. Bu müddət ərzində bir neçə dəfə Bibiheybətə getmiş, Şıx Kəbləliyə qonaq olmuşdular. Qocaya nəzir adı ilə xeyli pul və hədiyyə də aparmışdılar. Şıx Kəbləli cavanların kimliyini bilməsə də, varlı ailədən olduqlarını başa düşür, amma gümanı Bibixanıma getmir, gənclərin dindar zəvvar olmaqlarından fərəhlənirdi.
Şahzadə qəlbində Bibixanımı «Sultanım xanım» adlandırır, gələcək haqqında arzularını getdikcə daha da dostlaşdığı Salehdən gizləmir, ona danışırdı.
Saray bir-birinə dəymişdi. Şahzadədə gözü olan bütün əşrəf qızları onun sadə bir «kəndçi qızına, ac-yalavac şıx qızına vurulmasını» eşitmişdilər. Saleh uzun götür-qoydan və mələkənin təkidlərindən sonra məsələni ona açmağa məcbur olmuşdu. Oğlunun xəstə yatağına düşməkdə olduğunu, bu eşqin cavan şahzadəni dəli-divanə elədiyini görən mələkə məsələni ataya – Şirvanşah Fərrux Yasara bildirmişdi. Fərrux Yasar əvvəlcə hirslənmişdi, sonra da həkimlərin oğluna çarə edə bilmədiklərini, onun gündən-günə zəiflədiyini görüb razılaşmışdı. Saraya o qədər kəndçi-kündçü evindən kəniz, cariyə gətirilir ki! Bu da onlardan biri.
Beləliklə də, Bibixanım istəyib-istəmədiyindən asılı olmayaraq yurdundan ayrılıb saraya gətirildi. Yalnız bu zaman qoca baba Şıx Kəbləli dindar zəvvarların kimliyini bildi, cavanların onun qapısına gəldiyi günə lənətlər yağdırıb xəzana düşmüş, bülbülü uçmuş həyətində tək qaldı.
Gəlin gətirilən günü mələkə bircə şərt kəsdi. Təzə gəlin onun saray dairəsində görünməyəcək, şahzadə üçün ayrılmış hərəm otaqlarında qalacaq. Ona tək bircə qulluqçu, bir də cariyə veriləcək.
İlk günlər qəribə bir xumarlıq içində keçdi. Doğma yurdundan, dost və rəfiqələrindən məhrum edilmiş Bibixanım «Sultanım xanıma» çevriləndən sonra bütün varlığı ilə gənc və yaraşıqlı ərinə bağlandı. Qazi bəy əvvəlcə anasının qoyduğu şərtə əhəmiyyət verməsə də, günlər keçdikcə bunun ağırlığını dərk etməyə başladı. Bütün ünsiyyətlərdən məhrum edilmiş Sultanım xanım dörd divar arasında qapanıb qalmış, özünə heç bir iş tapa bilmir, darıxırdı. Sarayda tәk qaldığı günlərdә babasının әncir ağacları ilә әhatә olunmuş balaca hәyәtini xatırlayırdı. Ata-anasını çox erkәn itirmişdi. Heç birini xatirinә gәtirә bilmirdi. Gözünü açandan özünü babasının dizi üstündә görmüşdü. Bir azacıq böyüyәn kimi qonşuları Xeyransa xalanın kömәyi ilә evin evdarlığını әlinә almış, biş-düş elәmәyә başlamışdı. Bundan sonra daha babası ev işlәrinә qarışmırdı. Günlәri şıxlarla pirin yanında keçir, zәvvar qәbul elәyib yola salırdı. Qız isә Xeyransa arvaddan әncir qurutmaqla nüskәndә, qaynadıb qurutmaqla şirbәdüşәndә düzәltmәk öyrәnir, әncir doşabında әdəvalı zincilfәrәc bişirir, üzüm vә tut qurudur, әncir riçalı, ağ şanı mürәbbәsi hazırlayır, qışa azuqә yığır, hazırlıq görürdü.
Yayın qızmar günlәrindә Xeyransa xalaya paltar-palaz yumaqda, yorğan-döşәk salmaqda kömәk edәrdi. Xәzri onları әldən salanda arvad gülә-gülә sәslәnәrdi:
– Qızım, sәn ananın ilkisәn, qaç bir əncir ağacını yellət.
Onda qız әncir ağacının dibinә qaçar, kövrәk budaqları tərpәdәr vә gülәrәk deyәrdi:
Mən anamın ilkiyәm,
Ağzı qara tülküyәm,
Xәzri get, gilavar gəl.
Belə vaxtlarda inanırdı ki, Xeyransa arvadın öyrətdiyi bu «ovsunu» oxuyan kimi xәzri kәsəcәk, sәrin gilavar gәlәcәk, daha gözlәrinә qum dolmayacaq, günün qabağına sәrdiyi kәhrәba kimi əncirlәri qum vurub xarab etmәyәcәkdi. Sonra da bu qurumuş әncirlәri ağ torbaya töküb qurd düşmәsin deyә ağzını tikәcәk, beləcə, hәşəratdan, tozdan qoruyacaqdı.
Əncir dәyәndә babası yuxudan tezdәn durar, acqarına ağacdan dərdiyi şirin, sarı әncirlәri yeyə-yeyə nәvәsini yuxudan oyatmaq üçün:
Əncir sabahi,
Doldur tabaği,
Aç qaşqabaği,
Ay sarı sabahi!..
– deyә oxuyar, nəvəsini də şәfalı meyvәlәrdən yemәyә çağırardı. Qız da gülərək:
Ənciri yemədün getdün,
Dәrdüvi demәdün getdün.
– deyib oxuya-oxuya babasına qoşulardı. Hәrdәn hәyәti süpürmәyә vaxtı çatmazdı, gecә әsәn xәzri onun «işini görәrdi». Sәhәr hәyәtin qumunu yayılmış, tәmiz görәndә deyәrdi:
– Hә, bax bir, baba, külәk gör hәyәti necә süpürüb!
Qoca gülәrdi:
– Hә, qızım, xәzri tәnbәl arvadların imdadına çatıb, bu gecә zir-zibillәrini ört-basdır elәyib.
Hәrdәn Xeyransa arvad ona «kişi sәni oğlundan da çox istәyir, heç o vaxtlar oğluna belә mehr saldığını, belә qucağına aldığını görmәmişdik», – deyәrdi. Bir dәfә babasından soruşdu:
– Baba, ay baba, deyirlәr, mәni ata-anamdan da çox istәyirsәn, düzdür?
– Düzdür, – kişinin gözlәri qıyıldı.
– Nöşün?
– Nәvә şirindir, şirin şeydir.
– Nöşün?
– Nöşünü yoxdur ki, qızım… Bax, ata-anan әkdiyim ağacdır, sәn dә onun meyvәsi… Heç görmüsәn, ağac yeyilә? Meyvәni yeyәrlәr, mәnim balam, meyvәni.
Bu sözlәrdən sonra qoca nәvәsini bağrına basır, saçlarını sığallayırdı.
İndi Qazi bәy olmayanda o gah babasının, gah da Xeyransa xalanın sәsini eşidir, kövrәlir, şirin uşaqlıq boğazını qәhәrlәndirirdi.
Qazi bәyi sevmәyindәn peşman deyildi. Amma doğma yurdu, hәyәti, qoca babası vә ona ananı, nәnәni әvәz edən qonşuları Xeyransa xala üçün çox darıxırdı.
Arabir Qazi bəylə qılınc məşqindən, ya ovdan qayıdanda qoca babaya baş çəkirdilər. Qız o saat ayaqqabılarını atıb qızıl qumlar üstündə ayaqyalın gəzir, quyudan su çəkir, babasının pal-paltarını yuyur, qab-qacağını qumla sürtüb təmizləyir, ev-eşiyə əl gəzdirirdi. Amma, bununla belə, bu gəlişlər yad qonaq təsiri bağışlayırdı. Qapının o biri üzündə səbirsiz köhlən kişnəyib onları çağırırdı. Qazi bəy onun iş görməsinə bir söz deməsə də, qızın qəfəsdən buraxılan təki nə edəcəyini lazımınca bilməyən, pərvaz etməyə qorxan quş kimi hərəkət etdiyini görür, dodaqlarında xəfif, istehzalı bir təbəssüm oynayırdı. Yəni «naxırçı qızı naxırçılığını arzulayar».
Qazi bəy saray şənliklərindən məhrum edilən Sultanım xanımı anasının acığına əsl bir saray mələkəsi kimi yetişdirmək arzusuna düşdü. Yavaş-yavaş özü bildiklərindən qıza öyrətməyə, ona dərs deməyə başladı. Sultanım xanım bilikləri elə təbii, fitri istedadla qavrayırdı ki, cavan müəllim işə daha böyük həvəslə girişdi. Az müddət ərzində qız oxuyub-yazmağa başladı. Şahzadə tez-tez gənc döyüşçü paltarı geymiş Sultanım xanımla atlanır, saraydan yalnız özünə və atası Şirvanşaha məlum olan gizli yolla seyrə çıxır, gözlərdən iraq bir yerdə onunla ox atır, qılınc oynadır, at çapırdı.
Belə səfərlərin birində Fərrux Yasar ilk dəfə gəlinini süvari geyimində, qılınc məşqi keçən gördü, uzaqdan xeyli seyr etdi və bəyəndi. Gəlinini yanına çağırdı, alnından öpdü.
Şirvanşah Fərrux Yasar saraya qayıdınca mələkəni hüzuruna dəvət etdi.
– Sultanım xanımı saray xanımları cərgəsinə daxil etməyin vaxtı çatıb, – dedi. – Qarşıdakı Mövludi-Nəbi bayramına onu da dəvət elə!
– Bu Sultanım xanım kimdir?
– Gəlinin! Sən onu hələ görməmisən?
– Görməmişəm. Görmək də istəmirəm.
Şirvanşah gülümsündü:
– Əbəs yerə. Əvvəl mən də elə düşünürdüm. Amma görəndən sonra anladım ki, oğlumuz yanılmayıb. O qız bizim əyan və əşrəf qızlarından heç bir şeydə geri qalan deyil. Əksinə, bəlkə, qat-qat üstündür. Çağırtdır. Özün görərsən.
Qazi bəyin fərəhdən uçmağa qanadı yox idi. Bununla belə, qonaqlıqdan əvvəlki bütün gecəni Sultanım xanıma təlim verməklə məşğul oldu. Anasının könlünü almaq üçün nə etməli olacağını gəlinə başa saldı.
Qız gözəllik aşiqi olan mələkəni öz təbii gözəlliyi ilə elə ilk baxışdan məftun etdi. Mələkə onun nəcibliyini, qabiliyyətini gördü, az müddətdə oxuyub-yazmaq və hərbi təlim öyrəndiyini biləndə fərəhləndi. Axı o da ana idi.
Beləliklə, bütün əyan xanımlarının həsədinə səbəb olsa da, Sultanım xanım həm qayınana və qayınatasının məhəbbətini, həm də nökər və qulluqçuların hörmətini qazandı.
Arabir atlanıb Bibiheybətə gedirdi. Hərdən qayınanasını da ziyarətə dəvət eləyirdi. Amma çox vaxt qoca babasının görüşünə tək yollanırdı. Şıx Kəbləli nəvəsinin sarayda kəniz deyil, şahzadə xanım olmasına sevinsə də, onun dəvətini qəbul edib saraya getmədi. Ömrünün sonunacan həyətində tənha yaşadı.

Zənbil içində keçən gün (davamı)
Günəş bir cida boyu qalxmamışdı ki, iri qapılar laybalay açıldı, gələn qoşunun başçıları içəri buraxıldı. Bəhram qazi geniş həyətdə atdan endi. Təəccüb içində idi. Rüstəm padşah ona sufi şeyxi İsmayıl ibn Şeyx Heydərin burada gizləndiyini və bir neçə qasidə rədd cavabı verildiyini, çocuğun amanda saxlandığını demişdi. O, Mirzəli hakimi yaxşı tanıyırdı. Cəngavər adam olduğunu bilirdi. Bilirdi ki, qapısından döyüşsüz bir at deyil, qatır da aparmaq olmaz. Əgər şeyx burda isə, darvaza gələnlərin üzünə nə üçün açılsın?
Hakim Mirzəli gələnləri gülərüzlə, əziz qonaqlar kimi qarşıladı.
– Buyurun, buyurun, Bəhram qazi, siz bu diyara xoş gəlmisiniz, səfa gətirmisiniz.
Gələnlər Mirzəli hakimin ardınca sarayın geniş otaqlarına daxil oldular. Səhər süfrəsi açıldı. Yemək-içmək gətirildi. Bəhram qazi başının adamları ilə bir qədər yeyib-içdikdən sonra üzünü Mirzəli hakimə tutub dedi:
– Padşaha çatan xəbərə görə, Ərdəbil sufilərinin şeyxi İsmayıl ibn Şeyx Heydər ibn Cüneyd burda, sənin amanındadır. Mənim adamlarımı belə xoş üzlə qarşıladığına görə sənə minnətdaram, qardaşım! Amma rica edirəm, əgər iş belə isə, ağzımızı boza vermədən şahın hökmünü icra et və İsmayılı təslim elə. Sənə sərkərdə sözü verirəm ki, o bizdə də amanda olacaq. Özü də şahın dost-doğma bibisi oğludur. Ona heç bir zaval toxunmaz.
«Guya Şeyx İsmayılın qardaşlarının həmin dayıoğlunun öz əli ilə öldürüldüyünü sən də bilmirsən, mən də». Mirzəli düşüncələrinin gözlərindən oxuna biləcəyindən ehtiyatla cəld dilləndi:
– Mən padşahımızın qasidlərinə həqiqəti demişəm. Şeyx İsmayıl adında adam mənim hökmümdə olan torpaqlarda yoxdur. İstəyirsən, əlimi Qurana basım, and içim.
– Nə olar. Mən də şahın hüzuruna gedib olanı deyərəm.
Qızıl suyu ilə işlənmiş qədim Quranı gətirdilər. Lahican qazısı ilə birlikdə qoşunun mollası da gəldi. Mirzəli yerindən durub saray hamamına keçdi. Başına üç qab su töküb qüsl elədi, pak oldu, dəstəmaz alıb məclisə qayıtdı. Sağ əlini Quranın üstünə qoydu. Həyətdə tutun sıx yarpaqları arasında budaqdan asılmış zənbilə tərəf baxmamağa çalışırdı. Sonra üç dəfə salavat çevirib hər bir kəlməsi yaxın və uzaqda durmuş padşah adamlarının beyninə həkk olunsun deyə ucadan səsləndi:
– Qurana and içirəm, İsmayıl ibn Şeyx Heydər ibn Şeyx Cüneyd mənim torpaqlarımda yoxdur. Onun ayağı mənim torpaqlarıma dəymir.
Bəhram qazi igid sərkərdə idi. Cəngavər bir döyüşçünün sözünə inanmadıqları səbəbindən and içməsinə xeyli mütəəssir olmuşdu. «Qəribədir, vallah! Dost-doğma bibisi balalarının ikisini yox eləyib, ürəyi soyumayıb. İndi də düşüb bir xırda uşağın dalına. Guya o, sağ qalsa, ölkə viran olacaq. Mən boyda kişi ilə bu hörmətdə bir zatı yüngülsaqqal eləyib». Bu düşüncələrlə də yerindən dikəlib dilləndi:
– And olsun indicə əl basdığın Qurana, nə qədər ki mən Rüstəm padşahın xidmətindəyəm, sənin qapın amanda olacaq! Məni bağışla, əmr qulu olmaqdan betər şey yoxdur dünyada.
Mirzəlinin qəlbinə bir rahatlıq gəldi. Mehribanlıqla qonağına cavab verdi:
– Nə danışırsan, qardaşım?! Məgər sənin vəziyyətini başa düşmürəm? Pis adamların dili lal olsun, padşahı da yoldan çıxaran, qulağını dolduran onlardır.
Bəhram qazi ev sahibi ilə vidalaşıb çıxdı. Qoşununu da çəkib getdi. Onlar heç yarım ağac evdən uzaqlaşmamışdılar ki, Mirzəli hakim İsmayılın havadan asılmış «həbsxana»sına yaxınlaşdı, öz əli ilə bağladığı ipləri açdı. Uşağın solğun sifətində gözləri çox iri görünürdü. «Solğun!.. Olar daa!.. Gün işığını harada görüb? Külbədə! Göyü harada görüb? Bacada! Yazıq uşaq!»
Gülümsəməyə çalışaraq dedi:
– Şeyxim, daha heç nədən qorxmaya bilərik. Mən Bəhram qazinin sözlərinə inanıram. Nə qədər ki şahın xidmətindədir, bizim ev də amandadır, sən də. Amma yenə də ehtiyatı əldən verməməliyik.
İsmayıl bu gedişlə Mirzəlinin sarayında tam altı il qaldı.
* * *
Qabaqda Bayram bəy Qaramanlı gedirdi. Atlı qoşun onun ardınca düz-dünyanı tutmuşdu. Bayram bəy çaya çatınca durdu. Bir atdöşü qədər ondan aralı gələn çarvadar-bələdçi Hüseynə dönüb dedi:
– Kür budur?
– Elədir, bəy!
– Nə lal axır?
– Lallığına baxma, bəy, adı kimi özü də kürdür.
– Bu çayı keçmək çətin olacaq?
– Elədir, qurban!
– Nə edək?
– Ayrı yol yoxdur. Ən dayaz, keçməli yer buradır.
– Bunun harası dayazdır?! – deyə Bayram bəy atının cilovunu çəkdi. Qoşun onlara çatdı. Kimisi çayın lap sahilində atını sulayır, kimisi yəhərdən enib əl-üzünə su vururdu.
Bayram bəy tərəddüd içində yəhərdə oturub qalmışdı. «Keçin» əmrini verməyə dili gəlmirdi. Atı bu dilsiz axan qorxulu, nabələd suya salmağa cürəti çatmırdı.
Birdən arxasında dayanmış atlılar aralandılar. Gənc padşah irəli gəldi. Üzü niqablı idi. Şeyx oğlunun üzünü natəmiz adamlar görməməli idi. Niqabı qaldırmadan Bayram bəy Qaramanlıya üz tutub dedi:
– Niyə durmusunuz? Niyə keçmirsiniz?
– Hökmdarım, atları bu sulara salmaqdan ehtiyat eləyirəm. Deyirəm, bəlkə, axtaraq, keçməli başqa bir yer tapaq.
– Bələdçi nə deyir?
– Buranı məsləhət bilir, hökmdarım!
«Qibleyi-aləmin» on dörd yaşı vardı. Amma onu yəhər üstündə görənlər iyirmisini haqlamış bir cavan zənn edərdilər. Hərbi zirehli geyimdə qədd-qamətli pəhləvana bənzəyirdi.
İsmayıl niqabın gözlüklərindən Bayram bəy Qaramanlıya iti bir nəzər saldı: «Görünür, sənin qəlbində düşmənə qarşı kin və qəzəb odu qalanmayıb. Görünür, sən körpə ikən İstəxr qalasında nəm zirzəmilərdə anan və qardaşlarınla birgə yatmamısan. Balışın daşlar, yorğanın buludlar olmayıb. Görünür, səni hər xısıltıdan gizlətməyiblər. Zənbilə qoyub ağacdan asmayıblar. İki qardaşın və bütün nəslin, arvadlı-kişili, uşaqlı-böyüklü qırılmayıb. Yox!.. Onda sən tərəddüd etməzdin. Mənim isə cismim düşmənə nifrət hissi ilə doludur».
Gənc hökmdar:
– Ardımca! – deyib qamçısını qaldırdı və atını birinci olaraq lal axan çaya vurdu. Bayram bəy, Lələ Hüseyn bəy, Div Sultan və başqa sərkərdələr gənc hökmdarın qətiyyət və cürətinə heyrət və iftixar edərək onun ardınca düşdülər. Onlar İsmayılın dalınca çayı keçdikcә gәnc hökmdarın nә isә dediyini gördülər. Lәlә Hüseyn bәy sükut işarәsi verdi vә dinlәdi. İsmayıl öz ordusunu ruhlandırmaq, ürәklәndirmәk, yaxın adamlarını daha da cürәtlәndirmək üçün oxuyurdu:
Nә yerdә әksәn bitәrəm,
Dada çağırsan yetәrәm,
Sufilәr әlin tutaram,
Qazilәr, deyin şah mәnәm.
Onun sakit, sadә sözlәrinin deyilişindә bir çağırış, qәlblәrә coşqunluq gәtirәn bir deyiş var idi. Bu sәs adamlarının qәlbini ümidlә doldurur, onlara inam tәlqin edirdi. Az sonra dostları, әrәnlәr, ozanlar bu sözlәri dillәrdә әzbәr edәn musiqi parçalarında oxuyub az qala ibadәt himninә çevirәcәkdilər.
Qırmızı taclı, boz atlı,
Ağır leşkərә nisbәtli,
Yusif peyğәmbәr sifәtli,
Qazilәr, deyin şah mәnәm.
Xәtaiyәm, al atlıyam,
Sözü şəkәrdәn dadlıyam,
Mürtәza Əli zatlıyam,
Qazilәr, deyin şah mәnәm.
Beləcə, ordu çayı keçdi. Bir nəfər də tələfat vermədilər. Sonuncu qızılbaş çayı adlayanda Lələ Hüseyn bəyin qəlbindən «şir balası şir doğular» sözləri keçdi. Zahirən gözəl, mənən pak gənc yetirməsinə görə qürur duydu. Sinəsindən hamını riqqətə gətirən «Afərin!» nidası qopdu. Səslər, nidalar göyləri dəldi, ordunu titrətdi.
– Şeyximiz, mürşidimiz min yaşasın!
– Var olsun mürşidi-kamil!
– Yaşasın şahımız!

Bir tayfanın sonu
Xəzərin sahilindən xeyli uzaqlarda Ləngəbiz dağ silsiləsinin lap qurtaracağında bir tayfa yaşayırdı. Tayfa karvan ayağından xeyli uzaq, şəhərlərdən aralı bir yerdə məskən salmışdı. Yüz illər idi ki, bu torpaqlar gündə bir cahangirin əlinə keçirdi. Gah monqollar, gah teymurilər, gah ağqoyunlu və daha bilmirəm kimlər gəlib-gedirdilər. Amma tayfanın bu keşməkeşlərdən, demək olar, xəbəri yox idi. Doğrudur, bir zamanlar hansısa islam təbliğatçısı bu yerlərə də gəlib çıxmış, onları islama dəvət etmiş, uzun müddət kənddə yaşamış, burada da ölmüşdü.
Tayfa ağsaqqalları onu qəbiristanda dəfn etmişdi və məzar müqəddəs bir yerə çevrilmişdi. Amma qoca öləndən sonra tayfanın bir çox köhnə adətləri öz yerinə qayıtmışdı. Adətləri qarılar qoruyub saxlayırdılar. Məsələn, görürdün ki, təzə gәlin gәlәn günün ertәsi günәş çıxan kimi qarılardan biri gәlini yerindәn qaldırıb onu günəşi salamlamağa apardı. Andlar da başqalarının yanında dini olurdu, ailә içindә isә yenә dә «O gün haqqı», «Bu ocaq haqqı», «Şam-çıraq haqqı» vә s. deyәrdilәr.
İslam təbliğatçısının vaxtında doğulan uşaqlara «Qurandan ad çıxarıb» verilirdi. Beləliklə, bu yerlərdə Məhəmməd, Bəkir, Əhəd, Əhməd kimi adlar meydana gəlmişdi. Tayfanın nənələri bu adları qəlbən qəbul eləməz, öz aralarında uşağa tayfa adətincə doğma ana dilində ad verərdilər. Beləcə, uşaqların iki adı olurdu. Biri dini, biri isə evdə ata-ananın çağırdığı.
Əslində isə bineyi-başdan bu yerlərdə adı uşağa təbiətin özü qoyardı. Boran, Yağmur, Bulud, Toran, Səhər, Güney, Quzey, Gündoğdu, Aydoğdu, Aydoğmuş, Ayaz, Duman, Çovğun, Günəş, Aytəkin, Ayxanım, Güntəkin, Tuğay, Aysel, Aysu… Uşağın görünüşü ilə bağlı adlar da qoyurdular: Qaraçığa, Qaratel, Altıntel, Altınsaç, Altıncığa, Gülümsər, Ağçiçək, Alçiçək, Çəmən, Qaysı…
İldə bir dəfə biçin vaxtı böyük şəhərdən vergiyığan gəlir, tayfadakı adət-ənənəyə maraqla, bir qədər də qorxu ilə baxırdı.
– Əşi, siz necə müsəlmansınız?! Vallah, ayırd eləyə bilmirəm. Gavur sizdən yaxşıdır…
Vaxtilə islamı təbliğ edən qoca bu tayfanın «Odlu» adını dəyişib «Məhəmmədli» qoymuşdu. Amma şəhərlilərin dilində kənd «Gavurlar» olub qalmışdı.
Hekayәtimizin baş verdiyi illәrdә qәbilә yarımköçәri hәyat keçirirdi. Əslindә, köçәrilikdәn yalnız iz qalmışdı. Belә ki, qәbilәlilәr hәm heyvandarlıq, hәm də әkinçiliklә mәşğul olurdular. Kişilәr Günәşli çayının hәr iki sahilindәki torpaqları әkir, elə Günәşlinin suyu ilә də suvarırdılar. Bu il sağ sahildә taxıl әkәndә gәlәn il hәmin yerdә bostan becәrirdilәr. Çox da uca olmayan vadini әhatә edәn dağların hamar döşlәrini dә becәrirdilәr. «Dәmyә yeri» adlandırdıqları bu yerlәrin çoxunu meşәlәri qıraraq əldə etmişdilәr. Qalan dikdirlәrdә mal vә qoyunlarını otarırdılar. Yazın axırına yaxın arvad-uşaq bir neçә çobanın müşayiәti ilә dağa köçürdü. Kişilәr vә qarılar aranda qalır, taxılı, bostan mәhsulunu yığıb yerbәyer elәyirdilәr. Biçib-sovurmağa, adәtәn, yayın lap axırında, payızın əvvәllәrindә başlayırdılar. Çünki yalnız bu zaman məhsulu sovurmaq üçün münasib külәk olurdu. Elə bu zaman da kәndә yadların ayağı açılırdı. Öncə vergiyığan gәlirdi. Onun dalınca da xırmanın qırağını dәrvişlәr, gәzәri seyidlәr, mollalar, әfәndilәr, daha kimlәr, kimlər kәsdirir, çuvalının ağzını açıb biri şahın, biri әmirin, bir çoxu da cәddinin payını istəyirdi. Öz qәdim dәdә-baba dinindәn ayrılan, lakin həlә dә yeni dini dәrk etmәyən tayfa əhli seyidlərdən, mollalardan xüsusilə qorxur, onlar nə istәsә verirdilər.
Qalan buğdadan bir qәdәrini payızın әvvәli üçün kәndin qənşərindәki su dәyirmanında un çәkdirәr, qış azuqәsini də evlәrin böyründә, damların dibindә qazılmış quyularda basdırardılar.
Qәbilәlilәr bazar-dükan tanımaz, şәhәrin yolunu bilmәzdilәr. Kәndә arabir «məmələsatan» adlandırdıqları səyyar satıcılar gələr, özlәri ilә buraya meyvә, hәmin kәnddә olmayan başqa matah gәtirər, buğda-arpa ilә dəyişərdilər. Hərdən də qəbiləyə çәrçilərin, xırdavatçıların yolu düşәrdi. Qız-gәlinlәr dərhal onları dövrələyib güzgüdәn, daraqdan, әlvan sap, qaytan, hәrәmi, bafta, saçaq, müxtәlif parça vә s. alardılar. Əksәr geyim evlərdә, yer hanalarında toxunan parçalardan olardı. Xüsusilә kişilәrin geyimi yer hanasında toxunan şal, çuxalıq, patavalıq idi. Ayaqları çarıqdan başqa ayaqqabı tanımazdı.
Qәbilәdəkilər dünyada baş verәn hadisəlәrdən yalnız səyyar satıcılar sayəsində xəbər tutardılar. Bir ay, bəlkә dә, beş ay sonra bilәrdilәr ki, dünyada qan su yerinә gedirmiş. Çünki üç ay qışı, üç ay da yazı bu yerlərə çərçi ayağı dəyməzdi. İlin, demәk olar ki, altı-yeddi ayını qәbiləlilər özlərindən başqa heç kimin üzünü görmәzdilәr.
Qəbilənin çobanı, naxırçısı, biçinçisi olmazdı. Bütün bunlar ev başına növbə ilә görülür, «nobat» kimә düşsә, hәmin ailәnin bir üzvü naxıra gedәrdi. Başıpapaqlısı olmayan evlәrdә arvad naxıra getmәz, onu qonşu başıpapaqlı әvәz edәrdi.
Günlərin bir günü qəbilədə söz gəzdi ki, Ərdəbil şəhərində bir padşah peyda olub, özü ilə də təzə din gətirib. «Müsəlman olmağına müsəlmandır, amma bizim kimi müsəlmanları qırır. Deyir, Şirvanşahın dədə-babası ilə onun dədə-babası qanlıdırlar. Gəlir intiqamını almağa».
Xəbəri gətirən çərçiyə qulaq verən qəbilə ağbirçəklərindən Çiçək arvad əlindəki sərnicini yerə qoyub soruşdu:
– Bəs necə müsəlmandırlar ki, müsəlmanı qırırlar?
– Başqa cür müsəlmandırlar. Padşahları batman Qurana, on iki imama and içdirir, sonra iman gətirdir, – deyə çərçi cavab verdi.
– Batman Quranı görmüşәm. On iki imam kimdir?
– Mәn dә sәnin kimi, nә bilim.
– Yaxşı, bәs bizim kimlәrnәn nә işi var? Hәrә öz dinində, öz yolunda qalsın, dayna.
– Yox! Bizi dә o dinә çәkmək istәyir. Dönmәyәni dә, deyir, qılıncdan keçirir.
Çiçək qarı ilə yanındakı Gümüşbikә hәr ikisi birdәn sәslәndi:
– Allah, sәn saxla!
– Düzdür, deyəsən, elә «Allah, sәn saxla»dan başqa çarәmiz yoxdur, – kənd ağsaqqallarından Məhəmməd-Bulud dilləndi, sonra da üzünü çərçiyə tutub soruşdu: – Yaxşı, sənin bu xәbərlәrinin kökü düzdür, görәsәn, ya elə ağzını avara qoyanların uydurmasıdır?
– Nә danışırsan, qardaş? Elə bu xәbәrlәri düz-tamam bilməsәydim, ilin bu çağında bura gәlib at bağrı çatladardım? Dedim, mәn sizə xәbәr elәyim, sәrvaxt olasınız, hәm dә buralarda bir az alacağım var, onu yığım…
– Çox yaxşı elәmisən, xәbәr elәmisәn. Amma alacağın barәdә zәhmәt çәkmisәn. İndi camaatda borc qaytarmağa güc hanı? Yaman quraqlıqdır, məhsul-zad yoxdur.
– Orası elədir, amma Tanrı haqqı biz dә siz gündәyik. Evlәrdәn qulağa kәfkir səsi gәlmir. Quraqlıq biz tәrәflәrin da amanını kәsib. Dedim, bəlkә, azdan-çoxdan bir şey әlimə düşdü.
– Heyvan, bәlkə də, oldu, amma dәn söz verә bilmәrəm…
– Bu qırğının, davanın içindә mәn heyvanı neynirәm, qardaş?
– Nә deyim, özün bil, onu alacaqlı olduqlarına deyәrsәn. Hәlә keç çörәkdәn-zaddan bir şey ye! Ağa durub, ağacan durub.
Məhəmməd-Bulud çərçini evinə dəvət elədi, Çiçәk qarı isə sərnicini götürüb bayaq eşitdiklərindən təlaşlanmış halda öz-özünə danışa-danışa yola düzəldi.
«A gözәgörünmәz Tanrı, elә bircә bu qalmışdı fağır-füqəranın başına gəlmәmiş? Bu nə işdir düşdük, Tanrı? Bu dava salanı milçәk olsun divara yapışsın, it olsun öz qapısında hürsün. Biznәn nə işi?»
Çərçi çörәyini yeyib-qurtarmamış dava xәbәri ayaq alıb kәndi gәzdi.
Bütün dünyası bircә öz qәbilәsindәn – kəndindәn ibarət olan Çiçәk qarı müharibә haqqında yalnız nağıllarda eşitmişdi. Cavanlığında bir neçə dәfә əqrəba davası görmüşdü. Məsələn, bir dəfə kәnddә iki cavan oğlan bir gözәl qızı sevib istәmiş, qız bunlardan birinә meyil etdiyi üçün cavanların arasına küdurət düşmüş, qohum-әqrәbaları ikiyә bölünmüş vә sapand davası başlamışdı. Hәr iki tәrәf sapandlara qoyduqları daşları bir-birinә tullamış vә xeyli yaralanan olmuşdu. Axırda kənd ağsaqqalları araya düşüb mәrәkәni yatırtmışdılar. Bir dәfә dә hansısa köçәri tayfa onların yerlәrinә gәlib çıxmış, otlaqları otartmış vә qәbilә əhli bütünlükdә köçәrilәri qovub öz yerlәrindәn çıxarmışdı. Onda da kişilәr çuxalarını qollarına dolayıb çomaqlarını işә salmışdılar. Yenә xeyli yaralanan, başı-gözü әzilәn olmuşdu. Amma ölәn olmamışdı. Çiçәk qarı ölümü yalnız xәstәlikdәn vә qocalıqdan bilirdi. Ağlına da gәlmirdi ki, nağıllardakı kimi azğın bir hökmdar onunla işi-gücü olmayan adamları qarının anlamadığı namәlum sәbәblәrә görə qıra bilәr. Odur ki çərçidən eşitdiyi xәbәrә hәm inanmış, dәhşәtə gәlmiş, hәm dә ürәyinin dәrin bir guşәsində bu xәbәrin, bәlkә dә, bir nağıl olduğuna şübhә oyanmışdı. Ancaq yenə də özünü qarşısına çıxan hər kəsə çərçidən eşitdiklərini söyləməkdən saxlaya bilməmişdi.
Elə bu səbəbdən Mәhәmmәd-Bulud ilә çərçi çörәklәrini yeyib qapıya çıxanda xeyli adam gördülәr. Hamı gözünü qәbilә ağsaqqalının ağzına dikib dayanmış, onun nə deyəcəyini gözlәyirdi.
Mәhәmmәd-Bulud kәndin başbilәnlәrindәn bir neçә kişini otağına dәvәt etdi, qalanlara hәlә ki bir tәhlükә olmadığını söylәyib iş-güclәrinә getmәlәrini tapşırdı.
Camaat dağılışdı. Ağsaqqallar evә girib mәşvәrәtә başladılar. Kәnd camaatı bu davanın da dədə-babadan gördüklәri çomaq vә sapand vuruşmalarından olacağını zәnn edib hazırlıq qərarına gəldi. İri çomaqlar, böyük sapandlar hazırladılar, uşaqlara çoxlu daş yığdırdılar, xəndəklər qazdırdılar. Bununla da hazırlıq bitdi. Hәrә yenidən öz iş-gücünә daldı…
* * *
Mәhәmmәd-Bulud qonağı yola salandan sonra qәlbindә anlaşılmaz bir tәşviş duyurdu. Odur ki çərçinin dava getdiyini söylədiyi səmtə adam göndәrib doğru xәbәr öyrәnmәk istәdi. Bunun üçün dә oğlu Əhmәd-Güntəkindәn münasib adam bilmirdi. Sәhәri gün dan yeri qızaranda Güntәkinә lazımi göstәrişlәr verib yola saldı. Güntәkin hәmin gün evә qayıtmadı. Ertәsi gün şam namazı qayıtdı. Atasını evin bir küncünə çәkib gördüklәrini xәbәr verdi:

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289478) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Nədim – burada: keçmişdə şahların, xanların həmsöhbəti

2
Hacib – orta əsrlərdə bütün müsəlman Şərqində hökmdar sarayında yüksək vəzifələrdən biri

3
Tohid – Allahın tək və şəriksiz olduğunu qəbul etmək
Bakı – 1501 Азиза Джафарзаде

Азиза Джафарзаде

Тип: электронная книга

Жанр: Историческая литература

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Bakı – 1501, электронная книга автора Азиза Джафарзаде на азербайджанском языке, в жанре историческая литература

  • Добавить отзыв