Danabaş kəndinin əhvalatları

Danabaş kəndinin əhvalatları
Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatı
Cəlil Məmmədquluzadənin şah əsərlərindən sayılan bu povestdə bir kəndin timsalında avamlığın, mütiliyin, hüquqsuzluğun bütöv bir cəmiyyəti hansı faciələrə sürükləyə biləcəyi böyük ustalıqla təsvir olunub.

Cəlil Məmmədquluzadə
DANABAŞ KƏNDİNİN ƏHVALATLARI

Nağıl edibdi Lağlağı Sadiq
Yazıya götürübdü qəzetçi Xəlil.

Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman o səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub çox şeylər bilər.
    Sokrat


BİR YÜNGÜLVARİ MÜQƏDDİMƏ
Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. Mən özüm anadan olmuşam düz otuz il bundan irəli; yəni mənim otuz yaşım var. Yoldaşım Sadıq da, mən deyirəm, ancaq mən sində olar. Amma mən ondan bir az cavan görükürəm. Onun boyu ucadı, mənim boyum alçaqdı; amma mən ondan doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtıl və top saqqalam. Bir təfavütümüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi; amma yoldaşımın gözləri çox salamatdı. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi.
Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb bir tövr güzaranımı keçirirəm. Yoldaşımın sənəti baqqallıqdı, yəni bir daxmaya üç-dörd put duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür rüzgarını keçirir.
Vəssalam, hər ikimiz Allah-taalanın kasıb bəndələrindənik.
Qərəz, baş ağrısı da olur, amma genə gərək deyim; çünki mən bilirəm ki, bu əhvalatı oxuyan rəfiqlərim artıq təəccüb edəcəklər, necə yəni qəzetçi Xəlil və lağlağı Sadıq? Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm; hərçənd baş ağrısı olur.
Mən deyirəm, bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdu. Demirəm ki, pisdi, Allah eləməsin. Mən heç vaxt haqqı itirmərəm. Doğrudur, mən bir az incimişəm kəndimizdən; amma bu, kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə genə pis demək haqdan kənar olar.
Yox, vallahi, billahi, bizim kənd çox yaxşı kənddi. İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil.
Hələ pisliyi, yaxşılığı qalsın kənarda. Sözüm orda deyil; sözüm orasındadı ki, bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın.
Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb.
Hələ burdan bir haşiyə çıxaq.
Mən “ləqəb” sözünü bildirə kimi bilməzdim; çünki dərsim o qədər yoxdu, "Camei-Abbas"dan savayı bir kitab oxumamışam. Bildir bizim kənddə o taydan bir molla mərsiyə oxuyurdu. Amma, heyif, adı yadımdan çıxıbdı. Bir gün bu mollanın güzəri düşdü bizim Sadığın dükanına. Görükürdü, molla irəlidən bilirmiş ki, Sadığa lağlağı Sadıq deyirlər. Dükanda məndən savayı, bir neçə kətdi də var idi. Molla, Sadıqdan iki paçka maxorka tənbəkisi alıb paçkanın birini açdı və çubuğunu doldurub od istədi. Sadıq bir spiçka çəkdi, molla çubuğu alışdırıb Sadığa dedi:
– Allah atana rəhmət eləsin.
Sonra çubuğu bir neçə dəfə sümürüb, üzünü tutdu Sadığa:
– Əxəvizadə, nə illət, cənabınızın ismi-şərifinə lağlağı ləqəbi izafə artırırlar?
Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düşmədim. Vəhalon ki mən oturanların yanında hələ alim idim. Amma, söz yox, hamımız başa düşdük; axund soruşurdu nəyə Sadığa lağlağı deyirlər. Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təəccüblə dübarə soruşdu:
– Olan, ayama nədi, qəribə avam adamsınız!..
Sadıq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, “lağlağı” Sadığın ayaması deyil, ləqəbidi. “Ayama” avam sözüdür, “ləqəb” ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, “ayama” ləfzini dilimizə gətirməyək, “ləqəb” deyək.
Biz hamımız razı olduq və "bəli" cavabdan savayı bir söz demədik. Sonra Sadıq üzünü axunda tutub soruşdu:
– Axund, cənabınız gərək ərəb dərsində çox güclü olasınız.
Molla cavab verdi:
– Gədə, nə söyləyirsən? Molla olmaq, mərsiyə demək məgər asan əmrdi? Ərəb dərsini tamam eyləməmiş adamı məgər minbərə qoyarlar?
Nağafil Sadıq axunddan bu cür soruşdu:
– Axund, çörəyə ərəbcə nə deyir?
Axund çubuğu sümürüb, bir baxdı yerə və öskürüb cavab verdi:
– Bəradərim, Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orda düyüdən savayı özgə şey yeməzlər.
Sadıq dübarə axunda sual verdi:
– Bəs düyüyə ərəbcə nə deyirlər?
Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi:
– Qardaşoğlu, sən elə doğrudan lağlağı imişsən. Kətdilər yerində sənə lağlağı deyiblər.
Bu sözləri deyib, axund əbasını düzəldib dükandan çıxdı, getdi. Biz hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq.
Məsələn, mənim adım Xəlildi, mənim adımı qoyublar qəzetçi Xəlil. Mən, vallah bilmirəm qəzet nədi. Qəzetçi bir şəxsdi, ağlı, kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyib dağıdır o yana-bu yana. Amma mən bilmirəm ki, mən haradan qəzetçi oldum. İnşallah, ərz elərəm nə səbəbə mənə qəzetçi deyirlər, mənim yoldaşıma deyirlər lağlağı Sadıq, yəni çox danışan.
Hələ bizə hörmət qoyublar; bizim ləqəbimiz çox gülməli deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm oğunub gedərsən. Məsələn, girdik Həsən, dəvə Heydər, yalançı Səbzəli, eşşək Muxtar, dovşan Qasım. Müxtəsər, bu cür ayamalar bizim Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, bütün Rusiyyətin karxanalarında kağız qalmaz.
Mənim yoldaşım Sadığın adını qoyublar lağlağı. And olsun bizi yaradana, bu ləqəb o kişiyə heç yaraşmır. Doğrudu, Sadıq çox danışar… Deyir, deyir və yorulmaq bilmir. Amma neyliyim, bir belə şirinkəlam, mən deyərəm, yer üzündə yoxdu.
Bir də ki, bizim Danabaş kəndində elə bilirlər ki, hər bir çox danışan adama lağlağı demək olar. Axır çox danışan da var, çox danışan da. Mən elə şəxslər görmüşəm ki, səhərdən axşamadək danışıb, mən heç doymamışam. Əgər hamı çox danışana lağlağı demək olsaydı, gərək biz cəmi vaizlərə lağlağı deyəydik; çünki onlar minbərə çıxıb, yenmək bilməzlər.
Xeyr. Hamı çox danışana lağlağı demək olmaz. Birisi başlayır Allah-taalanın barəsində söhbət edir, ya qeyrisi öz Kərbəlaya və Məkkəyə getməyindən nağıl edir, məgər bu cür şəxslərə demək olar lağlağı? Xeyr, olmaz; günahdı və haqdan uzaqdı bu cür sözləri danışmaq.
Qoy hər kəs hər nə deyir-desin. Qoy Sadığa desinlər lağlağı; amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdərdimdi!..
Bəlkə də, elə Sadıq, doğrudan, lağlağıdı. Amma o danışanda, doğrudan, mən həmişə gərək duram onun dodaqlarından öpəm.
Pəs mənə niyə deyirlər qəzetçi? Bunun səbəbini ərz edim. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahiblik başladım. Həqiqətdə mənim adımın qəzetçi qoyulmağına bais yoldaşım Sadıq olubdu.
Burda mətləb bir az uzandı.
Mən deyərəm iki il olar ki, biz tapışmışıq. Əhvalat bu cür oldu: bir günləri bir neçə top çit qoltuğuma vurub getdim Sadığın dükanına. O vədə bizim aramızda bir elə rəfiqlik yox idi. Bir qədər oturdum. Sadıq bir çubuq doldurdu, verdi, mən başladım çəkməyi. Dükanda qeyri bir şəxs yox idi. Mən çubuğu çəkməyə məşğul oldum. Sadıq da, söz yox, başladı söhbəti. Mənə onun söhbəti həmişə xoş gəlirdi, necə ki, qabaqca ərz etdim qulluğunuza; amma bu dəfə mən bu kişiyə lap aşiq oldum. Bu dəfə mənim rəfiqim bir elə şirin əhvalat başladı ki, mən deyərəm, bəlkə, iyirmi, otuz müştəri dükana girdi və boş çıxdı. Hər gələnə deyirdik ki, sən istəyən şey dükanda yoxdu. Dedi, dedi, dedi, axırı bir yerdə dayandı. Bir diqqətnən baxdı mənim üzümə, bir ah çəkdi və dedi:
– Xəlil əmoğlu, mənim bir arzum var.
Dedim:
– Qardaşım, nədi arzun?
Dedi:
– Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar.
Dedim:
– Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürrəm yazıya və bir kitab bağlayıb adını qoyaram "Danabaş …" Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər; çünki əgər mən Allah-taalanın xoşbəxt bəndələrindənəm, ehsansız da elə axirətdə üzüm ağ olacaq, yoxsa günahkar bəndəyəm, nə ehsan kömək edər, nə qeyri bir şey. Mən vəsiyyət edərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna.
Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:
– Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, Allah səni hər iki dünyada həsrət qoymasın.
Pəs, mənim əzizlərim, bu cür oldu bizim rəfiq olmağımız. Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi, əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım. Çünki bu dəftər həmişə mənim qoltuq cibimdə olardı və çünki mənim peşəm həməvəqt kəndləri dolanmaqdı, mən hər bir xoş vaxtda dəftəri çıxardıb başlardım oxumağı.
Bir övqat çox şirin tutdu. Hər yanda məni görcək çağırıb qonaq aparardılar. Məhz ondan ötrü ki, təzə bir əhvalat oxuyum. Əvvəl mənim adımı qoydular nağılçı; amma sonra gördülər ki, bu ad mənə yaraşmır. Xülaseyi-kəlam, mənim adım qaldı qəzetçi.
Söz yox, mənim adımın qəzetçi olmağına bais yoldaşım olubdu, necə özünüz də görürsünüz və söz yox ki, mənə xoş gəlmir ki, atam-anam qoyduqları adımın yanına bir özgə ad qondaralar; amma mən genə ürəyimi sıxmıram. Qoy avam hər nə deyir-desin. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. Hələ, bəlkə, bir az gərək fəxr edək ki, avam bizim üstümüzə gülür.
Dünyada hədsiz şəxslər avamdan gilaylı qalıblar. Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə.

    Yazılıbdır Danabaş kəndində. İrəvan quberniyasında, 1894-cü sənə.

    Lağlağı Sadıq və qəzetçi Xəlil.

EŞŞƏYİN İTMƏKLİYİ

I
Miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu. Əhvalat budu ki, Məhəmmədhəsən əminin eşşəyi oğurlanıb.
Söz yox, o kəsin ki, bu əhvalatdan xəbəri yoxdu, mənim sözümə inanmayacaq; çünki, doğrudan da, eşşəyin itməkliyi bir elə təəccüblü şey deyil ki, bundan bir qəribə əhvalat çıxsın. Hər kənddə və hər şəhərdə gün olmaz ki, eşşək itməsin. Amma xeyr, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu.
Vallahi, billahi, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi bir qəribə əhvalatdı ki, nağıl edim, siz də qulaq verib ləzzət aparasız.
Əvvəl görək kimdi Məhəmmədhəsən əmi?
Hər kəs Danabaş kəndini tanıyır, o, yəqin, Məhəmmədhəsən əmini də tanıyır; çünki Məhəmmədhəsən əmi kəndin sayılan şəxslərindən biridi. Məhəmmədhəsən əminin olar əlli dörd, əlli beş yaşı. Artıq olmaz. Hərçənd ki saqqalı ağarıbdı, özü ki and içir ki, əgər məni kasıblıq sıxmasaydı, heç kəs deməzdi ki, mənim sinnim qırxdan artıq ola. Elə yalan demir Məhəmmədhəsən əmi, çünki kişinin bu sinnində genə yanaqları qıpqırmızı qızarır.
Məhəmmədhəsən əminin başına çox işlər gəlib. Əgər duraq hamısını nağıl eləməkliyə, çox uzun çəkər. Nələr gəlib Məhəmmədhəsən əminin başına, nə işlərə düçar olubdur!
Vəssalam ki, ruzgar bu kişinin üzünə gülmüyübdü. Məhəmmədhəsən əmi olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi, anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyif! Elə ki Hacı Rza və övrəti öldülər, Məhəmmədhəsən əmi qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesabı göstərdilər.
Elə ki Məhəmmədhəsən əmi özünü tanıdı, gözünü açdı, baxdı gördü qalıbdı lap lüt madərzad. Sonra bir qıznan sevişdi, həmin qızı aldı və bir neçə il gedib İrəvan tərəflərində qürbətlik çəkdi, bəlkə puldan-zaddan qazanıb gətirib əlində maya eləsin. Qərəz, tutmadı işi, əliboş kəndə qayıdıb üç-dörd eşşək alıb, başladı çarvadarlığı. Amma gəldikcə işi tənəzzül elədi. Axirüləmr gəldi tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı və bura bir-iki pud undan, buğdadan, tut qurusundan, iydədən düzüb, başladı sövdəni, ta ki gəldi çatdı bu yaşa ki, indi biz görürük; külfəti də, söz yox, gəldikcə törədi.
Pəs bir tövrnən indi Məhəmmədhəsən əmi başını girləndirir. Amma kasıb olanda nə olar, çox yaxşı adamdı Məhəmmədhəsən əmi… Birisi gedə deyə "Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdı", əgər özündə olsa, əlüstü çıxardıb verəcək, olmasa, çalışacaq hər tövrnən olmuş-olsa, özgəsindən tapsın, sənin işini düzəltsin. Vaqeən, çox yaxşı kişidi Məhəmmədhəsən əmi.
Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil və lakin tək bircə arzusu var. Üç-dörd ildi, Məhəmmədhəsən əmi Kərbəla ziyarətini qəsd edibdi. Bu kişi artıq dindar adamdı. Doğrudan əgər rüzgarı bir vəch ilə keçəydi, yəqin ki, indi Məhəmmədhəsən əmi çəhardəh məsumu tamam etmişdi. Amma nə eləmək, kasıblıq şəxsi savab işlərdən də qoyur. Müxtəsər, çoxdandı Məhəmmədhəsən əmi Kərbəla qəsdi edibdi. İl olmaz ki, yazıq Məhəmmədhəsən əmi bu pakizə fikrə düşməsin. Zəvvarın həmişə getmək, ya gəlmək sədasını eşidən kimi Məhəmmədhəsən əminin gözündən yaş çeşmə kimi başlar axmağa.
Amma nə eləmək, kasıblığın evi yıxılsın. İndiyə kimi yazıq kişinin qolunu-qıçını bağlayıb qoymur bir yana tərpəşsin.
Üç-dörd ayın sözüdür. Məhəmmədhəsən əmi yatıb bir vaqiə gördü, yuxudan durub övrətini çağırıb ona xəbər verdi ki, övrət, necə olmuş-olsa, gərək bu il, inşallah, gedəm Kərbəlaya. Vaqiəsini indiyədək heç kəsə nağıl eləməyibdi. Ancaq bunu deyir ki, vaqiə görmüşəm, gərək nə tövr olmuş-olsa, Kərbəlaya gedib altı güşəli qəbri ziyarət edəm.
Pəs üç-dörd aydı Məhəmmədhəsən əmi getmək tədarükündədi… Ziyarət şövqü Məhəmmədhəsən əmini dünya işlərindən lap kənar eləyibdi. Bu fikrə düşəndən dükanı boşluyub, bir qədər arpa, ya darı unundan tədarük edib qoyub evinə və bir para lazım olan şeylərdən ev üçün hazır edib, gözləyir zəvvarın çıxmaqlığını.
Əvvəl Məhəmmədhəsən əmi istədi piyada getsin, çünki məlumdur ki, piyada ziyarətə getməkliyin feyzi malnan getməklikdən artıqdı. Amma sonra baxdı gördü ki, sinninin o vaxtı deyil ki, piyada iki aylıq yolu gedib qayıtsın. Pəs nə eləmək? Axırı laəlac qalıb, özündən, özgədən on-on beş manat tədarük edib, Məhəmmədhəsən əmi bir ulağ aldı. Söz yox, ulağ atdan yaxşıdı. Əvvələn, ondan ötrü, ulağ atdan ucuzdu. Bəlkə, heç Məhəmmədhəsən əmi otuz-qırx manat tapa bilməyəcək idi ki, ata versin. Bir də, birisi ziyarətə ulağnan gedə və qeyrisi atnan gedə, əlbəttə, ulağnan gedənin ziyarəti Allah-taala yanında tez dərəceyi qəbulə yetişər.
Bəli, Məhəmmədhəsən əmi bir ulağ aldı. Amma bu ulağ başı bəlalı ulağ imiş.
Günlərin bir günü Məhəmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı, bir həyəti dolandı. Toyuq-cücəni çağırıb bir az dən səpdi, tövləyə girib, eşşəyin qabağına bir-iki ovuc arpa töküb çıxdı küçəyə və öz küçə qapısının ağzında çömbəldi, çıxartdı çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyi. Bir qədər keçdi, bir neçə kəndli Məhəmmədhəsən əmi sində Məhəmmədhəsən əminin yanına gəlib, salam verib cərgə ilə çömbəldilər və çubuqlarını çıxardıb başladılar çəkməyi. Bu kəndlilər hamısı Məhəmmədhəsən əminin qonşusuydular.
Kəndlilər bir az çubuq çəkib, bir qədər öskürüb başladılar söhbəti. Söhbət kərbəlayıların çıxmağından düşmüşdü. Çünki oturanların hamısı Məhəmmədhəsən əminin ziyarət qəsdindən xəbərdardılar, söz yox, bu söhbətdə Məhəmmədhəsən əminin də adı çəkilirdi.
Söhbət çox uzun çəkdi. Əvvəl başladılar ziyarətə getməkliyin savabından, sonra keçdilər ziyarətə getməkliyin şərtlərinə. Məhəmmədhəsən əminin sol tərəfində oturan kişi bir məsələ saldı ortalığa:
– Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır gəlir öz vətəninə, biz yığışıb dəstə-dəstə gedirik bu kişinin görüşünə və əl-ələ verib deyirik: "Ziyarətin qəbul olsun", aya, görək bizim deməkliyimiznən bu kişinin ziyarəti qəbul olacaq, ya xeyr? Aya, görək bu sözü ki biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var, ya yox? Məsələn, Məhəmmədhəsən əmi, indi sənin ziyarət qəsdin var. Allah salamatlıq versin, sağ və səlamət gedib qayıdasan evinə. İndi, söz yox, Allah qoysa, qayıdandan sonra biz hamılıqnan sən ilə görüşəcəyik. İndi görək bizlər sənə deyəcəyik: "ziyarətin qəbul olsun", bu sözün, bu görüşməkliyin sənə xeyri var, ya yox? Mən ki deyirəm yoxdu. Ondan ötrü ki, sən ziyarəti eləmisən bir ay, bəlkə, ay yarım bundan qabaq. Əgər sənin ziyarətin qəbul olunub Allah yanında, dəxi bizim sənə dua eləməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmuyub, genə faydası yoxdu. Biz deməkliknən qəbul olunmayacaq ki!
Bu kişi sözünü deyib dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. Qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular; çünki, vaqeən, bu məsələ dərin məsələdi. Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb məşğul oldu çubuğu doldurmağa, sonra başladı sol tərəfində oturan qonşusunun cavabını:
– Yaxşı deyirsən, Məşədi Oruc əmoğlu. Sən deyən olmuş-olsa, onda da iş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. Birisi getdi ziyarətə, gəldi evinə, heç kəs getmədi onun görüşünə, dəxi bu müsəlmançılıq olmadı ki! İndi mən gedib, tutaq, ziyarət edib gəlmişəm evimə, sən nə deyirsən, gəlməzsən mənim görüşümə? Sonra dəxi mən sənin üzünə baxmaram ki…
Məşədi Oruc cəld əlini Məhəmmədhəsən əminin tərəfinə uzadıb və bir qədər dikəlib başladı:
– Yox, vallah, Məhəmmədhəsən əmi, sən mənim ərzimi başa düşmədin; mənim məsələmin cavabı deyil sən dediyin. Mən, söz yox, gələcəyəm sənin görüşünə. Sözüm orasındadır ki, görək aya, mənim bu gəlməkliyimin sənə bir mənfəəti var, ya yox? Mən orasını soruşuram.
Məhəmmədhəsən əmi dübarə cavab verdi ki, görüşməyin hər halda mənfəəti var; çünki görüşmək olmasa, ortalıqdan mehribançılıq götürülər. Oturan kəndlilər bu xüsusda hamısı Məhəmmədhəsən əminin tərəfində idilər; çünki hərçənd Məşədi Orucun məsələsi dərin məsələdi, amma hamıya bəid görsəndi. Necə ola bilər ki, birisi ziyarətdən gələ, gedib onnan görüşməyəsən?!
Bu mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. Hərənin qabağında bir zorba koma kül qalandı.
Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib kəndlilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə:
– Məhəmmədhəsən əmi, tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın, minəcəyəm şəhərə, nəçərnik istiyibdir.
Kəndlilər cəld ayağa durub, salamı rədd elədilər.
– Baş üstə, baş üstə, qurbandır sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim.
Bu cavabı verib, Məhəmmədhəsən əmi əlüstü girdi həyətə.
Məhəmmədhəsən əmi eşşəyi gətirməkdə olsun, görək pəs bu şəxs kimdi və nəçidi.
Bunu bilmək asandı ki, bu şəxs xırda adam deyil.
Əvvələn, ondan ötrü, kəndlilər söhbətin şirin məqamında bunu görcək durdular ayağa, hələ, bəlkə, baş da yendirdilər. İkincisi də, məlumdur ki, indi Məhəmmədhəsən əminin gözünün işığı tək bircə eşşəyidir; çünki bu eşşəyi ondan ötrü alıbdı ki, minib getsin Kərbəlaya. Gecə və gündüz bu heyvana mütəvəcceh olur ki, onu yarı yolda qoymasın. Pəs belə güman eləmək lazımdı ki, Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. Amma bu şəxs istəyən kimi Məhəmmədhəsən dəsti getdi eşşəyi çıxardıb gətirsin.
Pəs görək bu şəxs kimdi və nəçidi?
Bəli, xırda adam deyil bu eşşəyi istəyən şəxs. Bu, Danabaş kəndinin katdası Xudayar bəydi. Mən istəmirəm Xudayar bəyin keçəcəyindən danışam, çünki özü də heç bu əmrə razı olmaz. İndi dünyada qayda belədi ki, birisi ucadan alçağa yenə dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə: ay mənim atam belə, anam belə, dövlətimiz bu qədər idi, imarətimiz bu cür idi, hörmətimiz bu həddə idi. Amma birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən hörmətə minə, heç vaxt atadan-babadan danışmağı dost tutmaz. Məsələn, Məhəmmədhəsən əmi yeddi gün, yeddi gecə atasının dövlətindən, hörmətindən danışa, doymaz. Amma Xudayar katda heç kəsə atasının adını da deməz. Hər vaxt bu cür söhbət düşəndə katdanın sözü budur: "Qardaş, nə işin var ataynan-anaynan. Onlar ölüb gediblər, Allah onlara rəhmət eləsin. Gəl özünnən-özümnən danışaq". Pəs çünki keçəcəkdən danışmağı Xudayar bəy dost tutmur, heç mən də istəmirəm onun qəlbinə dəyim. Onun keçəcəyinnən mənim də işim yoxdu.
Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə, əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayım. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər belə ışarır ki, adamın canına vahimə ötürür. Pəs deyəsən ki, çim altından qurbağa baxır.
Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi; əyridi, amma pis əyridi. Əyri də var, əyri də var. Mən çox gözəllər görmüşəm ki, burunları əyridi, amma Xudayar bəyin burnu pis əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana. Bilmirəm anadan olmadı, ya sonra olubdu. Amma çox pis burundu, vəssalam.
Xudayar bəyə göyçək kişi demək olmaz. İndi iki il olar ki, Xudayar bəy Danabaşda katdalıq eləyir. Bunun katda olmağının da çox əhvalatları var. Xudayar bəy özgə katdalar kimi katda olmayıbdı. Axır, adət bu cürdü ki, katdanı camaat seçər. Amma Xudayar bəyin katdalığı özgə tövr olubdu, yəni çox asan vəchlə olub.
Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında çavuş idi. İş elə gətirdi ki, qlava Xudayar bəyin anasını siğə elədi. Aşkardı ki, qlava öz səmtini qoyub, özgəni katdalıqda saxlamayacaq. Bir həftənin içində katdanı qısnayıb, qulluqdan kənar elədi. Bir neçə vaxt kənd qaldı katdasız. Xülaseyi-kəlam, camaat bir vaxt gözünü açdı gördü ki, Xudayar bəy katdadı ki, katdadı.
Xudayar bəy katda olan kimi lap dəyişildi. Əvvəl başladı libasından. Paltarını təzələyib və əlinə bir zoğal ağacı alıb, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. Kimin ixtiyarı var idi soruşsun haradan ona bəylik yetişib?! Amma xalq bilirdi ki, bəylik ona oradan yetişib ki, qlava anasını siğə edib. İyirmi-otuz adamı Xudayar katda dama qatıb məhz o səbəbə ki, səhvən ona deyiblər Xudayar katda, deməyiblər Xudayar bəy.
"Çöçə-çöçə" deyə-deyə Məhəmmədhəsən əmi eşşəyi çıxardı küçəyə. Eşşək eşiyə çıxan kimi bir oğlan uşağı, yeddi-səkkiz yaşında, tumançaq, başıaçıq və keçəl, özünü çırpdı küçəyə və ağlaya-ağlaya, çığıra-çığıra qaçıb yapışdı eşşəyin quyruğundan. Bu oğlan Məhəmmədhəsən əminin xırda oğludur.
– Hara qoyuram eşşəyimi getsin? Vallah, qoymayacağam, u… u… u…
Bu cür ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb qoymurdu heyvan hərəkət eləsin.
Məhəmmədhəsən əmi, vaqeən, çox mehriban atadı; o, heç vaxt istəməzdi evladının ürəyini bir dəm sıxsın. Odur ki yavığa yeriyib başladı yumşaqlıqnan oğlunu sakit eləməyə.
– Sakit ol, oğlum. Eşşəyin axşam genə qayıdıb gələcək evə da. Eşşəyə nə olur? Mən eşşəyi satmıram ki! Xudayar bəy əmin aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək.
– Yox, vallah, heç qoymaram… Hara qoyuram getsin e… heç qoymaram… Heç dənə də!
Bu sözləri deyə-deyə oğlan ulağın başını çubuqnan qaytarırdı qatsın genə həyətə. Bu heyndə Xudayar katda oğlanın dal tərəfindən yeriyib, oğlanın kürəyindən bir ağac…
– Köpək oğlu köpək! Hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahi, gönünü soyaram!
Oğlan "vay-vay" deyib, qaçdı soxuldu həyətə. Xudayar katda eşşəyi minib düzəldi şəhər yoluna. Kətdilər, həmçinin dağıldılar. Məhəmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor getdi evinə.

II
Günortadan yarım saat keçirdi ki, Xudayar bəy yetişdi şəhərə.
Xudayar bəy eşşəyi Məhəmmədhəsən əmidən istəyəndə dedi ki, məni nəçərnik istəyib. Amma yalan deyirdi, nəçərnik istəməmişdi, özgə mətləbi var idi. Əgər nəçərnikdən ötrü Xudayar katda şəhərə gəlirdi, lazımdı ki, bir az tez gələydi. O özü bilirdi, nəçərnik ancaq günortaya kimi divanxanada olar, günorta olcaq divanxana bağlanır. Xeyr, özgə mətləbi var Xudayar bəyin.
Eşşəyi qatıb karvansaraya Xudayar bəy üz qoydu bazara. Yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına və bazardan çıxıb, Buzxana məhəlləsini tutub başladı getməyi. Bir qədər gedib çöndü sol küçəyə. Bu küçəni başa kimi gedib genə çöndü sol səmtə. Bir dar küçəynən gedib və arxı tullanıb, bir alçaq qapının yanında durub qəndi qoydu yerə və başladı üst-başının toz-torpağını təmizləməyi. Sol qıçını qalxızıb sağ əli ilə və sağ qıçını qalxızıb sol əli ilə şalvarının balağını silib və papağını çıxarıb geydi sol əlinə və sağ əli ilə o tərəfini-bu tərəfini çırpıb qoydu başına. Qəndi vurdu qoltuğuna, bir öskürüb dəqqülbab elədi. Həyətdən bir övrət səsi gəldi:
– O kimdi?
Xudayar bəy bir də qapını döydü. Bir az keçdi, dörd-beş yaşında bir qız uşağı qapını açıb və Xudayar bəyi görən kimi qapını örtüb qaçdı həyətə. Həyətdən qızın bu cür səsi gəldi:
– Buy, ana, qapıda bir yekə kişi durub!
Xudayar bəy qızın sözlərinə bir qədər gülüb çağırdı qızı.
– Ay qız, qazı ağa evdədi?
Qız o qədər Xudayar bəydən qorxdu ki, cürət eləmədi cavab versin. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlıyıb təəccüb ilə gözlərini dirədi Xudayar bəyin gözünə.
– Qazı ağa evdədi?
– Evdədi, sözünü de.
– Qazı ağanı görmək isətəyirəm.
Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu; sonra gəldi, qapını açdı və dedi:
– Gəl.
Xudayar bəy başını əyib, qapıdan içəri girib iki pillə yendi həyətə. Görükən budur ki, qazının övrəti həyətdə paltar yuyurdu, çünki oğlan qapını açmamış xəbərdarlıq verdi:
– Xanım, kənar ol, adam gəlir.
Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmuş paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib, qapının yanında göl durmuşdu. Xudayar bəy girdiyi yer əsla həyətə oxşamırdı, çünki burda dörd divardan savayı bir şey yox idi. Həyətin eni on addım və uzunu on beş addım ancaq olardı. Sol tərəfdə divara səmt qalanmışdı çiy kərpic. Vəssalam. Bəlkə, bura qazının dal həyətidir, çünki bu şəhərdə ev yoxdur ki, onun bağçası olmasın. Qərəz, əgər qazının bağı-bağçası olmuş olsa, Xudayar bəy bu girdiyi dal həyətdən savayı qeyri bir şey görmədi.
Oğlan həyətin sağ səmtindən girdi bir dar yola, yox oldu. Bir az keçdi, bir qoca kişi, beli bükülmüş, haman dar yoldan çıxıb, sol əli cibində və sağ əli gözlərinin üstə, bir qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə:
– Sözün nədir, dadaş?
– Əmi, qazı ağanı görəcəyəm, işim var.
– Sən haralısan, əzizim?
– Mən Danabaş katdası Xudayar bəyəm, qazı ağanı görmək istəyirəm.
– Geymənin altındakı nədir, qadan alım?
– Qənddir, gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var onda, bu da ağız şirinliyidir.
Qoca kişi gəldiyi yol ilə qayıtdı getdi. Bir neçə dəqiqədən sonra cavan oğlan dar yoldan çıxıb, əli ilə Xudayara işarə elədi, gəlsin. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib girdi qəhvəxanaya və başmaqlarını çıxardıb oğlanın dalısınca girdi qazının otağına.
Xudayar bəy içəri girən kimi belə döyükdü ki, salamı da yadından çıxardı. O, çox təəccüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. Söz yox, əlüstü başa düşdü ki, qoca kişi elə qazının özüdür. Qazı çoxdan duymuşdu ki, bu kişi xam düşübdür. Bu səbəbə nəinki Xudayar bəyin salam verməməsindən rəncidə olmadı, hələ, bəlkə, özü ayağa durub salam verib bəyə yuxarı başda yer görsətdi.
Xudayar bəy dübarə salam verib keçdi yuxarı başa və oturub qəndi qoydu yerə.
Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdür bir neçə samovar, sandıqca, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən. Beş-on taxça doludur boxça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb pürbaha qalı və qalçalar.
Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyuca qalanıbdı çox qalça, keçə, kilim və palaz. Bir tərəfdən çadirşəbə bükülü qoyulub cərgə ilə dörd-beş dəst yorğan-döşək.
Qazı məxmər döşək üstə oturub dayanmışdı cüt yastığa.
Elə ki Xudayar bəy qəndi çıxardıb qoydu yerə, qazı gülə-gülə üzün tutub Xudayar bəyə dedi:
– Bəy, bu qənd nədi, bu nə işdi?
Xudayar bəy gülə-gülə cavab verdi:
– Qazı ağa, bir xeyir işimiz var. Bu qəndi gətirdim ağız şirinliyi olsun.
– Ay şirin kam olasan, mənim qardaşım. Yəqin ki, kəbin kəsdirəcəksən.
– Xeyr, qazı ağa, kəbin deyil, siğədir.
– Nə eybi var, siğə dəxi yaxşı… Çox gözəl, çox gözəl. Allah mübarək eləsin. Siğəni sən özün eləyirsən, ya özgəsi eləyir?
– Xeyr, qazı ağa, özüm eləyirəm, əgər iş düzəlsə.
Qazı üzünü qapıya səmt tutub, nökərini çağırıb ona buyurdu ki, qəndi ortalıqdan götürsün, qəlyan doldursun və çay gətirsin. Sonra genə üzünü tutdu Xudayar bəyə:
– Necə buyurdun, iş düzəlsə?
– Bəli, qazı ağa, əgər işi bir tövrnən yoluna qoysanız, biz sizə duaçı olarıq.
– Dəxi nə tövrü var ki! Siğədi, oxuyuram qurtarıb gedər da.
– Yaxşı buyurursan, qazı ağa, amma lazımdı ki, övrət tərəfindən bir vəkil olsun.
– Əlbəttə, mən demirəm ki, vəkil olmasın. Vəkil də gərək olsun, şahıd da gərək olsun. Vəkilsiz, şahıdsız siğə oxunmaz ki.
Xudayar başını saldı aşağı, bir qədər fikir eləyib cavab verdi:
– Bəli, belədi.
Qazı dübarə üzünü tutdu Xudayar bəyə:
– Pəs hanı sənin vəkilin və şahıdların?
– Hələ ki nə vəkil var, nə şahıd. Görək necə olacaq.
Qazı çox təəccüb elədi:
– Bə sənin nə vəkilin var, nə şahıdın var, haradan mən siğə oxuyacağam?
– Bəli, belədi, qazı ağa, belədi.
– Vallah, mən sənin sözlərindən baş açammıram. Əgər siğə oxutmaq istəyirsən, gərək övrət tərəfindən vəkil gələ, mən də siğəni oxuyam. Əgər vəkillər və şahıdlar burda deyil, qalsın sonraya. Onlar da gəlsin, o vaxt siğəni oxuyum. Ya xeyr, burda özgə bir maneçilik var, ta orasını da özün bilərsən.
Xudayar bəy qazının sözlərindən sonra bir qədər də xamuş olub və sonra dikəlib və qapıya səmt baxıb alçaq səs ilə dedi:
– Doğrusu, qazı ağa, mənim bir mətləbim var. Allahdan gizlin deyil, dəxi səndən niyə gizlin olsun.
– De, de görək. Əlbəttə, məndən dəxi niyə gizlədəsən?!
Qapı açıldı, cavan oğlan padnos içində iki stəkan çay gətirib birini qoydu qazının və birini də Xudayar bəyin qabağına. Qazı oğlana işarə elədi durmasın otaqda. Oğlan çıxıb gedəndən sonra Xudayar bəy alçaq səs ilə başladı:
– Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandı fikrimdədi onu siğə eləyim, amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə, bəlkə, bir çarə tapasınız.
Bu heyndə haman qız uşağı başını qapıdan soxdu içəri və dedi:
– Dədə, anam burdadı?
Qazı qızın üstünə çığıran kimi qız rədd oldu. Sonra cavan oğlan qəlyanı gətirib qoydu qazının qabağına. Oğlan istədi dursun, qazı getməyi işarə elədi. Qazı qəlyanı damağına salıb üzünü tutdu qonağa.
– İndi pəs nə tövr deyirsən eləyək?
– Başına dönüm, qazı ağa, hər necə olmuş-olsa, gərək düzəldəsən bu işi.
Qazı qəlyana bir bərk qüllab vurub başını bulaya-bulaya deyir:
– Bəli, gətdiyin iki girvənkə qənddir, zornan övrəti gətirib qatarıq sənin qoynuna. Get, ay həpənd!
Xudayar bəy qazının sözünün cavabına bir qədər dikəlib və sağ əlinin şəhadət barmağını yuxarı qalxızıb dedi:
– Bax, ey qazı ağa, and olsun o bizi yaradan Allaha, sən əgər mənim bu işimi aşırsan, mən məlun adamam, əgər başımı da sənin yolunda əsirgəyəm.
– Bəradərim, mənə sənin başın lazım deyil, Allah sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu.
Qazı bu sözləri deyəndə sağ əlini də yerdən böyük kəllə qəndin boyuca qaldırmışdı yuxarı. Sözünü deyib qurtardı, amma əlini çəkmədi. Bu halətdə saxlayıb diqqət ilə baxırdı Xudayar bəyin üzünə. Əlini o vaxt yendirdi ki, Xudayar bəy razılıq cavabı verdi. Xudayar bəyin cavabı bu oldu:
– Qazı ağa, fikrini hara dağıdırsan? Mən bir para adamlardan deyiləm ki, söz deyim, vədə verim, dalısında durmuyum. Kişi börkü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. Pəs şəxs ki üzdə bir söz dedi, çıxdı eşikdə özgə söz danışdı, dəxi onda kişilik sifəti qalmadı ki! Sən bir kəllə rus qəndi deyirsən, mən on bir kəllə gətirim. Ürəyini niyə sıxırsan. Pulum yoxdu mənim? Xeyr, dövlətindən o qədər varımdır, heç sənin təki ağaların yanında xəcalət qalmaram. Heç fikrini özgə yana dağıtma.
Xudayar bəy sakit oldu. Qazı başladı:
– Allah səni xəcalət eləməsin öz birliyi xatirinə. Rəfiqim, mən şəxsin simasından bilirəm ki, bu nə tövr adamdır. Mən indi müsinn adamam. Mənim olar həştad və bəlkə, dəxi də artıq yaşım. Özümə görə də təcrübə hasil eləmişəm. Mən şəxsin üzünə baxan kimi bilirəm ki, nə tövr adamdır. Və bir də zahir batinin aynasıdır. Mən sənin üzünə baxan kimi yəqin elədim ki, sən necə adamsan. Əgər səndən bədgüman və naümid olsa idim, heç bu qədər danışığa durmaz idim sənnən… Amma xeyr, maşallah, artıq ləyaqətli adamsan. Mən də səninlə elə rəftar eləmərəm ki, axırda sənin yanında xəcalət olum. Mənə nə lazımdır on bir kəllə qənd. Sən mənə iki kəllə qənd gətirsən, birini doğrayıb paylaram füqərayə, ancaq ağız şirinliyindən ötrü, – necə ki, özün də buyurdun, – bir kəllə rus qəndi səndən alacağam. Vəssalam. Mənim yoxsa artıq təməim yoxdur. Söz yox, əgər qəndin yanınca bir girvənkə çay gətirsən, nə sözüm var?
– Bax bu gözüm üstə, bax bu gözüm, bax gözüm üstə, üstə, bax bu gözüm üstə…
Bu sözləri deyirdi və sol əlini qoyurdu gah sağ gözünün, gah sol gözünün üstə. Axır sözünü bu cür tamam elədi:
– Dəxi sözün nədi, qazı ağa? Bunlar hamısı baş üstə. İndi bəs sən mənim işimi nə tövr sazlayacaqsan?
Qazı başını saldı aşağı, bir qədər təsbeh çevirib "ya Allah" dedi və durdu ayağa, getdi kitabları eşib, bir qara cildli kitab gətirib açdı. Gözlüyü taxdı gözünə və başladı alçaqdan oxumağı. Qazının səsi çıxmırdı, ancaq dodaqları tərpəşirdi. On dəqiqə çəkdi qazının oxumağı. Sol əlinin şəhadət barmağını kitabın bir yerində saxlayıb üzünü tutdu Xudayar bəyə:
– Bilirsən, bəy, bu məsələ çətin məsələdir. Belə işlər az-az ittifaq düşər. Kitaba ondan ötrü baxıram ki, görək şəriət bu xüsusda nə buyurur.
Qazı bu sözü deyib genə cumdu kitaba, bir qədər oxuyub sevincək kitabı bükdü, qoydu qabağına.
– İnşallah, kəşf edəcəyəm bu məsələni, kəşf edəcəyəm, lap asan vəchlə kəşf edəcəyəm. Bəy, buyur görək, qənd və çay nə vaxt gələcək?
– Qazı ağa, elə bu saat, elə deyirsən, durum bu saat gedim alım gətirim. Mənim əlimdə çətindir?
– Əzizim, qəndi və çayı gətirərsən qoyarsan buraya, sonra gedib üç-dörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. Amma gərək o şəxslər hamısı sənin rəfiqlərindən ola. Onların birisi gəlib mənə deyər ki, həmin övrət mənim anamdır. Bu şəx-sə, yəni sənə gəlmək istəyir və məni bu xüsusda vəkil eləyibdi. Qeyriləri də şəhadət verərlər. Vəssalam. Mən də siğəni oxuram, qurtarıb gedər.
– Qazı ağa, əgər iş bu cür qurtaracaq, bu lap asan işdi. Üç-dörd nədi, yüz adam kəndimizdən tökərəm bura. Hər nə soruşursan soruş, mən dediyimi onlar da desinlər. Kimin ağzıdı mənim sözümdən çıxsın?
Bu sözləri deyib Xudayar bəy durdu ayağa.
– Gedim görüm kəndimizin adamlarından şəhərdə kimi tapa biləcəyəm.
Xudayar bəy qapıdan çıxmaq istəyirdi, qazı çağırıb dedi:
– Bəy, içəri zəhmət çək, sənə iki vəsiyyətim var. Əvvəla, budur ki, qənd-çaya, söz yox, pul verəcəksən. O pulları sən çöldən tapmamısan ki… Əlbəttə, alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə, haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun.
Xudayar bəy:
– Baş üstə, – deyib istədi çıxıb getsin. Qazı genə çağırıb qaytardı otağa.
– Əzizim, mən ərz elədim, iki vəsiyyətim var; birini dedim, birini də deyim, ondan sonra azadsan.
– Buyur, qazı ağa.
– İkinci vəsiyyətim budur ki, bizim bu işimiz gərək ölən günə kimi öz yanımızda qalsın.
– Ay qazı ağa, uşaqsan? Məni elə nadan bilmə.
– Qulaq as, sözümü qurtarım. Bəli, bu iş gərək məxfi qala.
– Necə gərək qala?
– Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi-şər əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş, əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala. Vəssalam. İndi gedə bilərsən.
– Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə, belədi. Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb üz qoydu getməkliyə.

III
Xudayar bəy sevincək tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub getdi, girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı, Karapet ağa qələmi qoydu yerə və təəccüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb tutdu Karapet ağanın qabağına.
– Zəmət olmasa, bir ispiçkə çək, bu qovu yandırım.
Karapet ağa qeyznən cavab verdi:
– Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil!
Bu sözləri deyə-deyə Karapet ağa ayaq üstə durub, deyəsən ki, istəyirdi qəfəsənin dalısından sıçrayıb, Xudayar bəyi alıb atsın. Xudayar bəy bir az sinib çəkildi kənara. Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O, haradan güman eləyəydi ki, Karapet ağa od verməyəcək, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb Danabaş kəndində. Burada ki şəhərdi. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz.
Xudayar bəy üzünü bir az turşudub və qaş-qabağını töküb bu cür Karapet ağanın cavabını verdi:
– Xozeyin, sən nahaq yerə çığırırsan. Mən gəlməmişəm ki, sənin dükanını çapıb talıyam. Mən gəlmişəm səninlə sövdə eləyim. Dəxi sənin mənim üstümə çığırmağın lap artıqdı. Mən gəlmişəm səndən qənd alam.
– Bəli, sən məndən yarım girvənkə qənd alacaqsan. Mən duraram sənin əllərindən öpərəm.
Xudayar bəy çubuğun tənbəkisini doldurdu kisəsinə və çubuğunu taxdı belinə və cavab verdi:
– Xozeyin, əvvəl sən tanı gör mən kiməm, sonra mənim üstümə çığır. Mən sən deyən adamlardan deyiləm ki, gəlib yarım girvənkə qənddən ötrü sənə baş ağrısı verim. Mən Danabaş kəndinin katdası Xudayar bəyəm. Mən gəlmişəm, nəinki yarım girvənkə qənd alam, mən səndən bir kəllə qənd alacağam, yekə kəllələrdən.
Karapet ağa bir az yavaşıdı:
– Mənim gözüm üstə. Mən nə deyirəm ki! Mən demirəm ki, sən niyə məndən bir kəllə qənd almırsan. Mən onu deyirəm ki, sən yaxşı eləmədin mən yazı yazan vaxtda qovu uzatdın mənim qabağıma. Mən indi yazıda qələt düşdüm. Mənim indi zəhmətim lap çox oldu. Gərək sən gedəndən sonra bu yazdığımı bir də yazam.
– Qərəz, ta indi keçib. Hər nə olub, olubdu. Qəndi indi neçəyə verəcəksən mənə?
Karapet ağa qəfəsənin taxtasını qovzayıb çıxdı kənara və gəldi qalanmış qəndin yanına və əlini kəllələrin birinin üstünə qoyub başladı:
– Bax, qardaşım bəy, bu qənd lap elə yaxşı qənddi. Bu qəndi sənə verəcəyəm yeddi manat iki şahıya. Bu lap yaxşı qənddi.
– A kişi, zarafat eləyirsən? Qəndi indi yeddiyə hər yanda verirlər da. Gözün məni gördü?
– Harda yeddiyə verirlər? Heç belə şey olmaz, məzhəb haqqı. Yeddi iki şahıdan bir qəpik əskiyə verməzlər.
Xudayar bəy bir az dinməyib, genə həmin çubuğu çıxardıb başladı doldurmağı. Karapet ağa cibindən bir spiçka çıxardıb yandırdı. Xudayar bəy çubuğu alışdırdı və dedi:
– Yaxşı-yaxşı! Mən çoxdan bilirdim ki, sən bahacılsan. Heç sənnən bacarmaq olmaz. Yaxşı-yaxşı! Götür bir kəllə çək, görək nə qədər gələr.
Karapet ağa yekə kəllələrinin birini qucaqlayıb qoydu tərəziyə.
– Bu on, bu da on – iyirmi. Bu beş, bu üç, bu iki, bu da yarım. Bəli, düz otuz girvənkə yarım. Otuz girvənkəsi otuz abbası, bu altı manat, çıxaq doqquz şahısını, qalar beş manat on bir şahısı.
Karapet ağa qəndi tərəzidən götürüb qoydu yerə.
– Karapet ağa, indi, Allaha şükür, məni tanıdın ki?
– Necə yəni tanıdım?
– İndi bildin mən kiməm da?
– Sən kimsən?
– Mən Danabaş kəndinin katdası Xudayar bəyəm.
– Mən də ikinci gild kupets Karapet ağayam.
– Ay atana Allah rəhmət eləsin. Bu sözləri mən ondan ötrü ərz edirəm, indi dünyada qəlp adam çoxalıbdır. Birisi gəlib nisyə sövdə elər, and içər Allaha, peyğəmbərə ki, üç gündən sonra pulunu gətirərəm. Üç gün olur ay, bəlkə, üç il. Amma allah mənə bir ölüm göndərsin, bu cür qəlp işlər tutmuyum. Sözün doğrusu, bu gün iş belə gətirdi, yanımca şəhərə pul götürməmişəm. İndi mən qəndi aparıram, inşallah, sübh tezdən sənin beş manat on bir şahını burda hazır elərəm.
Karapet ağa bu sözləri eşitcək cəld qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını görsətdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/c-lil-m-mm-dquluzad/danabas-k-ndinin-hvalatlari-68289457/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Danabaş kəndinin əhvalatları Джалил Мамедкулизаде
Danabaş kəndinin əhvalatları

Джалил Мамедкулизаде

Тип: электронная книга

Жанр: Классическая проза

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Danabaş kəndinin əhvalatları, электронная книга автора Джалил Мамедкулизаде на азербайджанском языке, в жанре классическая проза

  • Добавить отзыв