Napoleon

Napoleon
Yevgeni Tarle
Tarixi yaradanlar
Bu kitabda Napoleon Bonapartın şaqlığından tutmuş ömrünün sonunadək bütün həyatı ətraflı təsvir edilir, sərkərdə və dövlət xadimi kimi obrazını çox dəqiq şəkildə gözlərimiz önündə canlandırılır.

Yevgeni Tarle
Napoleon


Dьnyada təqlid edilməsi mьmkьn olmayan yeganə şey – cəsarətdir.
    Napoleon

I FƏSİL

Napoleonun uşaqlığı və gəncliyi
1769-cu il avqustun 15-də Korsikanın[1 - Korsika – Aralıq dənizinin şimal hissəsində yerləşən ada. Vaxtilə romalılar tərəfindən işğal olunan Korsika orta əsrlərdən Genuya hökmranlığına tabe olmuşdu. XVIII əsrin sonlarından etibarən Fransa ərazisi hesab edilir.] Ayaçço şəhərində yaşayan Letisiya Bonapart küçədə qəfil doğuş sancıları hiss etdi. O özünü birtəhər evə çatdırdı. Həmin vaxt 19 yaşlı qadının yanında heç kim yox idi. Odur ki dünyaya gətirdiyi oğlan uşağı anasının bətnindən döşəməyə düşdü.
Beləliklə, korsikalı vəkil Karlo Bonapartın ailə üzvlərinin sayı bir nəfər də artdı. Vəkil qərara aldı ki, oğlunu korsikalı kimi deyil, fransız tərbiyəsi ilə böyütsün. Odur ki uşaq böyüyəndə onu dövlət vəsaiti hesabına fəaliyyət göstərən fransız hərbi məktəblərindən birinə qoydu.
Qeyd edək ki, Korsika uzun illər Genuya hökmranlığına tabe olmuşdu. Ancaq ada sakinləri 1755-ci ildə yerli mülkədar Paolinin başçılığıyla üsyan qaldırıb genuyalıları oradan qovmuşdular. 1768-ci ildə Korsika bu dəfə Fransa kralı XV Lüdovikin ixtiyarına keçdi. 1769-cu ilin yazında fransız ordusu Paolinin qiyamçı dəstəsini darmadağın etdi. Beləliklə, ada rəsmi şəkildə Fransa torpağı elan olundu. Onda Napoleonun dünyaya gəlməsinə hələ üç ay vardı.
Napoleonun uşaqlıq illərində hələ də Korsikanın müstəqilliyinin xiffətini çəkənlər tapılırdı. Elə balaca Napoleon da Paoliyə rəğbət bəsləyir, bura sonradan köçüb gələn fransızlara isə nifrət edirdi. O, dalaşqan, heç kimdən qorxmayan, cəsur uşaqdı. Anası Letisiya Napoleonu çox sevirdi, bununla belə, həm ona, həm də digər övladlarına qarşı çox tələbkar idi.
Karlo Bonapart 1779-cu ildə, çətinliklə də olsa, həm Napoleonu, həm də onun qardaşı Jozefi Fransaya aparıb Otön[2 - Otön – Fransanın Burqundiya bölgəsində ərazi vahidi] kollecinə yazdırdı. Bir il sonra Napoleon Brien (Şərqi Fransa) şəhərindəki hərbi məktəbə keçdi. Burada o heç kimə qoşulmur, boyu balaca, yaşı isə az olsa da, hamıya yuxarıdan aşağı baxır, ona sataşanların cavabını artıqlaması ilə verirdi.
Napoleon dərslərini əla oxuyur, xüsusən də Yunanıstan və Roma tarixinə dərindən yiyələnirdi. O, riyaziyyat və coğrafiya ilə də maraqlanırdı. Lakin əyalətdə yerləşən hərbi məktəbin müəllimləri bir o qədər savadlı olmadıqlarından balaca Napoleon öz biliyini daha çox mütaliə yolu ilə artırırdı.
Napoleonun korsikalı vətənpərvərliyi fransız yoldaşlarını heyrətləndirir, eyni zamanda ondan uzaqlaşdırırdı. Gələcək imperator üçünsə onlar doğma adasını istila etmiş gəlmələr idi.
Yeniyetmə Bonapart 1784-cü ildə, 15 yaşında ikən Parisin ən nüfuzlu hərbi məktəbinə daxil oldu. Bu məktəbi bitirən məzunlar dərhal zabit rütbəsi alırdılar. Hərbi məktəbdə güclü müəllim heyəti var idi. Napoleon mühazirələrə həvəslə qulaq asır və mütaliə edirdi. Ancaq elə ilk dərs ilində ona bədbəxtlik üz verdi: 1786-cı ilin fevralında atası vəfat etdi. Sonralar Napoleon da eyni xəstəlikdən – mədə xərçəngindən dünyasını dəyişəcəkdi.
Ailə demək olar ki, pulsuz qaldı. Evin böyük oğlu Jozefə ümid etmək azdı, o, bacarıqsız və tənbəl oğlandı. Beləliklə, 16 yaşlı Napoleon anasının, bacı- qardaşlarının qayğısını öz üzərinə götürdü. O, Paris hərbi məktəbində bir il oxuyandan sonra podporuçik[3 - Podporuçik – ordu və donanmanın kiçik zabit heyətində rütbə və belə rütbəsi olan şəxs, kiçik leytenant] rütbəsində Valans şəhərindəki alaya yollandı.
Gənc zabit çətinliklə dolanırdı. Məvacibinin böyük hissəsini anasına yollayır, özünə yalnız ərzaq üçün pul saxlayırdı. Otaq kirayə elədiyi binada bukinist dükanı yerləşirdi. Napoleon asudə vaxtlarını kitab oxumaqla keçirirdi. Onu hər şeydən çox hərb tarixi, riyaziyyat, coğrafiya, səyahətnamələr maraqlandırırdı. XVIII əsr maarifçilik ədəbiyyatının klassiklərindən Volter, Russo, Dalamber, Mabli və Reynalla da məhz həmin dövrdə tanış olmuşdu. Belletristika[4 - Belletristika – bədii nəsr, bəzən ideya-bədii cəhətən zəif əsərləri də belə adlandırırlar.] və şeir də oxuyurdu. Hötenin “Gənc Verterin iztirabları”, eləcə də fransız şair və dramaturqlarından Rassinin, Kornelin, Molyerin yaradıcılığı onu özünə aludə etmişdi.
Napoleon 1786-cı ildə uzunmüddətli məzuniyyət götürüb, ailəsinin maddi vəziyyətini düzəltmək üçün vətəni Ayaççoya yola düşdü. Burada atasından onlara kiçik bir mülk qalmışdı. Üstəlik, bəzi dolaşıq ailə məsələlərini də çözmək lazım idi. O bu işlərin öhdəsindən məharətlə gəlib qısa vaxtda ailənin maddi vəziyyətini düzəltdi.
1788-ci ildə Fransaya qayıdan Napoleon tezliklə öz alayı ilə birlikdə Oksonn şəhərinə göndərildi. Orada kazarmada yaşayır və əvvəlki həvəslə əlinə keçən hər şeyi, əsasən də XVIII əsr hərb mütəxəssislərinin əsərlərini oxuyurdu.
Bir dəfə təsadüfən əlinə Roma hüququ ilə bağlı köhnə bir külliyyat keçdi. Bu hadisədən 15 il sonra Napoleon Kodeksini hazırlayan məşhur fransız hüquqşünasları onun qeyri-adi yaddaşına mat qalmışdılar: Bonapart həmin külliyyatdan bütöv abzasları əzbər söyləyirdi.
Napoleon Oksonnda ikən ballistika[5 - Ballistika – mərminin silahın lüləsi içərisində və oradan çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm sahəsi] ilə bağlı kiçik bir traktat da tərtib etdi. Artilleriya onun sevimli ixtisasına çevrilmişdi. Həmin dövrdən kağız üzərində bəzi bədii qeydlər, fəlsəfi-siyasi etüdlər də qalıb. Napoleon yarıac-yarıtox yaşayır, həmişəki kimi tay-tuşlarına qarışmır, əyləncələrə baş qoşmur, yorulmadan işləyir, asudə vaxtını mütaliə ilə keçirirdi. Bütün bunlar onun öz istəklərini iradəsinə və ağlına tabe etmək bacarığından xəbər verir.
Və elə bu vaxt Fransa inqilabı başladı!
Napoleon Bonapartın saysız-hesabsız bioqraflarını və tarixçilərini həmişə bir sual maraqlandırıb: 20 yaşlı Oksonn qarnizonunun artilleriya poruçiki[6 - Poruçik – ordu və donanmanın zabit heyətində podporuçikdən yüksək kapitandan aşağı rütbə və belə rütbəsi olan şəxs, leytenant] üçün 1789-cu il inqilabı nə dərəcədə əhəmiyyət kəsb edirdi? Əslində, məsələ çox sadə idi: öz sosial mövqeyinə görə Napoleon inqilabın qələbəsindən yalnız bəhrələnə bilərdi. Fransanın istila etdiyi uzaq İtaliya adasından çıxan, kiçik mülkə sahib bir adam əvvəllər hərbi xidmətdə böyük karyeraya ümid eləyə bilməzdi. Lakin indi şəxsi keyfiyyətləri ona təkan verər, bağlı qapıları üzünə açardı. Artilleriya poruçiki Bonaparta başlanğıc üçün bundan artıq heç nə lazım deyildi.
Bəs inqilabdan harada daha çox yararlana bilərdi? Bu sualın iki cavabı vardı: 1) Korsikada, 2) Fransada. Poruçik Bonapart 1789-cu ildə artıq Brien hərbi məktəbindəki dalaşqan uşaq deyildi. İndi o, Korsikanın və Fransanın nə demək olduğunu bilir, onların miqyasca ölçüyəgəlməzliyini anlayırdı.
Bastiliyaya hücumdan iki ay yarım sonra Napoleon məzuniyyət götürüb yenidən Korsikaya yola düşdü.
Evə, anasının yanına gələn kimi özünü sürgündən yenicə qayıdan Paolinin tərəfdaşı elan etdi. Lakin Paoli gənc leytenantı soyuq qarşıladı, tezliklə məlum oldu ki, onların yolları eyni deyil. Paolinin məqsədi Korsikanı fransız hökmranlığından azad etməkdi, Bonapart isə hesab edirdi ki, fransız inqilabı Korsikanın inkişafı, ən başlıcası da, özünün karyerası üçün yeni imkanlar yarada bilər.
Korsikada bir neçə ay qalıb heç bir nəticə əldə edə bilməyən Bonapart yenidən alaya qayıtdı. O, evin dolanışıq xərclərini azaltmaq üçün kiçik qardaşı Lüdoviki də özü ilə apardı. Napoleon indi qardaşını da dolandırmalıydı. Bəzən bir tikə çörəyə möhtac olan gələcək imperator, bununla belə, qətiyyən ruhdan düşmürdü. Öz üzərində səylə çalışmağa davam edir, müxtəlif kitablar oxuyur, həmçinin hərb tarixini öyrənirdi.
O, 1791-ci ilin sentyabrında xidmət yerini Korsikaya dəyişdi. Bu dəfə Paoli ilə yolları birdəfəlik ayrıldı, çünki Paoli adanı Fransadan qoparmaq istədiyini artıq gizlətmirdi, Napoleon isə bunun qəti əleyhinə idi. Hətta 1791-ci ilin aprelində separatçı Paolinin tərəfini saxlayan əksinqilabçı ruhanilərlə inqilabçı hakimiyyət arasında qarşıdurma yarananda onun başçılıq etdiyi dəstəyə hücum edənlərə atəş açmışdı.
Napoleon Korsikada baş verənlər barədə hərbi nazirliyi məlumatlandırmaq üçün 1792-ci ilin mayında paytaxta qayıtdı. Və həmin yay Parisdəki coşqun inqilabi hadisələrin birbaşa şahidi oldu. 23 yaşlı zabitin iki əsas hadisəyə – xalq kütlələrinin 20 iyunda Tüiliri[7 - Tüiliri sarayı – Parisdə, Sena çayının sağ sahilində yerləşən saray. 1871-ci ilədək bir çox Fransa monarxlarının əsas iqamətgahı olub.] sarayına basqınına və 10 avqustda monarxiyanın devrilməsinə necə münasibət göstərdiyinə dair dəqiq məlumat var. O, 20 iyunda kral sarayına doğru axışan kütləni görəndə yanındakı yoldaşına demişdi: “Bu haramzadaların arxasınca gedək”. XVI Lüdovik nümayişdən qorxub pəncərədən kütləyə baş əyəndə isə Napoleon nifrətini gizlətməmişdi: “Qorxağa bax! Toplarla beş yüz-altı yüz nəfəri məhv etsə, hamı dabanına tüpürüb qaçardı!”
Çox keçmədən, Napoleon Korsikaya bir də qayıtmalı oldu. Həmin vaxt Paoli adanı Fransadan ayırıb ingilislərə təslim etmək qərarına gəlmişdi. İngilislər adanı tutmamışdan əvvəl Napoleon anası və bütün ailəsini Korsikadan qaçırmağa nail oldu. Onlar gedəndən sonra evləri Paolinin tərəfdarları tərəfindən talan edildi.
Ehtiyac yenidən ailənin başının üstünü aldı. Doqquz nəfərlik böyük ailə tamam var-yoxdan çıxmışdı. Anasını və qardaş-bacılarını saxlamaq Napoleonun üzərinə düşmüşdü. Bu zaman vəziyyət qəfil dəyişdi…
Fransanın cənubunda əksinqilabi üsyan baş qaldırdı. Monarxiyaçılar 1793-cü ildə Tulonda inqilabi hökumətin nümayəndələrini qırıb ingilis donanmasını köməyə çağırdılar. İnqilab ordusu isə Tulonu qurudan mühasirəyə aldı.
Ordunun siyasi rəhbəri Saliçetti onunla Paoliyə qarşı birlikdə mübarizə aparmışdı. Bonapart Tulon yaxınlığındakı düşərgədə öz yerlisinə baş çəkib şəhəri tutmağın, ingilis ordusunu sahildən qovmağın yeganə yolunu ona izah elədi. Bundan sonra Saliçetti gənc kapitanı artilleriya rəisinin köməkçisi təyin etdi.
Noyabrın ilk günlərində başlanan hücum alınmadı. Çünki hücuma komandirlik edən Donne ən həlledici anda Bonapartın fikrinin əksinə olaraq geri çəkilmək əmri verdi. Hücuma keçən cərgənin önündə olan Bonapartın özü isə yaralandı. Yeni komandan Dyuqomye, nəhayət, ona öz planını həyata keçirməyə icazə verdi. Bonapart batareyanı[8 - Batareya – bir neçə top və minaatandan ibarət taktik vahid] çoxdan istədiyi kimi düzdü, ardınca güclü top atəşinin köməyilə vacib yüksəkliyi tutdu. Buradan isə ingilis donanmasını hədəf aldı.
Hücuma keçən respublikaçılar 7 min nəfər idi və onlar qızğın döyüşdən sonra dəf edildilər. Həmin vaxt ehtiyat dəstə ilə Bonapart özünü yetirdi və bu müdaxilə onlara qələbə qazandırdı. Şəhərdən qaçmaq istəyənlərin hamısını ingilislər öz gəmilərinə götürməyə razılıq verdilər. Respublikaçıların ordusu şəhəri tutdu.
Bu qələbə Napoleonun yüksəlişinin başlanğıcı oldu. 1794-cü il yanvarın 14-də ona briqada generalı rütbəsi verildi. O vaxt Napoleonun 24 yaşı var idi. Həmin dövrdə Konvent[9 - Konvent – Böyük Fransa inqilabı dövründə qanunverici orqan] xarici düşmənlərə və daxildəki xəyanətkarlara, monarxiyaçılara qarşı amansızcasına mübarizə aparırdı.
Yazda və yayın əvvəllərində Konventin komissarları (xüsusən də, Bonapartın təsiri altında olan Oqüsten Robespyer) Avstriyanı təhdid etmək üçün İtaliyanın şimalına soxulmaq planı hazırlayırdılar. Bonapart çoxdankı xəyallarının həyata keçəcəyinə – İtaliyanın işğalında iştirak edəcəyinə ümid bəsləyirdi.
Lakin gözlənilməz siyasi fəlakət Bonapartın planının reallaşmasına mane oldu. Konventin iclasında Termidor çevrilişi[10 - Termidor çevrilişi –1794-cü ilin 27 iyulunda baş vermiş dövlət çevrilişi] nəticəsində Maksimilian Robespyer, qardaşı Oqüsten, Sen Jüst, Kuton və onların tərəfdarları tutuldular, səhərisi gün isə heç bir mühakiməsiz edam edildilər. General Bonapart da Oqüstenin yaxın adamı kimi həbs olundu. Ancaq təqsiri sübuta yetirilmədiyi üçün 14 gün sonra azadlığa buraxıldı.
Termidor çevrilişində Robespyerə yaxın adamların bir çoxu həlak olduğundan Bonapart gilyotindən canını qurtara bildiyinə görə sevinməli idi. O, həbsxanadan çıxanda əmin oldu ki, dövran dəyişib, yaxşı başlayan karyerasına son qoyulub. Hakimiyyətə yeni gələnlər ona şübhə ilə yanaşırdılar. Tulondakı qəhrəmanlıq artıq unudulmuşdu. Bunun arxasınca başqa bir xoşagəlməz hadisə baş verdi. Termidor Komitəsi ona üsyanı yatırtmaq üçün Vandeyaya getməyi əmr etdi. Napoleona piyada briqadasına rəhbərlik həvalə edilmişdi, ancaq o, topçu olduğundan bu vəzifədən imtina edib istefa verdi.
Napoleon yenə maddi çətinliklərlə üzləşməli oldu. Sanki hamı onu unutmuşdu. Nəhayət, 1795-ci ilin avqustunda onu artilleriya generalı kimi tipoqrafiya şöbəsinə qəbul etdilər. Bu vəzifə ona böyük qazanc gətirməsə belə, o öz vəziyyətindən şikayətlənmir, piyada qoşununda xidmət etmək üçün kimsəyə ağız açmırdı. Di gəl, tale növbəti dəfə üzünə güldü: o yenidən Tulondakı düşmənə qarşı vuruşmalı idi.
1795-ci il Fransa Burjua İnqilabı tarixində həlledici dönüş illərindən biri kimi tarixə düşüb. Aclıq, səfalət, terror monarxiyaçılarda ümid yaratmışdı. Onlar fikirləşirdilər ki, hakimiyyəti yenidən əla almağın vaxtı gəlib çatıb. Nüfuzlu mühacirlərin toplaşdıqları London, Koblenz, Hamburq və Romada inqilab iştirakçılarının hamısının amansızcasına cəzalandırılması haqda çağırışlar eşidilməyə başlamışdı. Lakin inqilabçıları bu cür çağırışlarla qorxutmaq çətin məsələydi. Mühacirlər Kiberon yarımadasına dəstə çıxaranda Konvent bir an belə tərəddüd etmədən general Qoşu ordu ilə ora göndərdi. Yarımadaya çıxan dəstə darmadağın edildi və 750 nəfər yerindəcə güllələndi.
Monarxiyaçılar bu məğlubiyyətdən sonra da ruhdan düşmədilər. Üstündən heç iki ay keçməmiş onlar bu dəfə Parisdə ayağa qalxdılar.
Kütləvi qırğınlara, inqilabçı yakobinlərin[11 - Yakobinlər – Fransanın inqilab tarixində mövcud olmuş siyasi cərəyan. Yakobinlərin hakimiyyəti dövründə (1793-1794-cü illər) bir sıra radikal islahatlar və kütləvi terror həyata keçirilib.] edamına, narazı fəhlələrin tərksilah edilməsinə baxmayaraq Konvent dinclik tapmırdı. O başa düşürdü ki, geniş xalq kütlələrinin köməyinə bel bağlaya bilməz. Paris fəhlələri həmin vaxt Konventə özlərinin ən qəddar düşməni kimi baxırdılar. Monarxiyaçılara qoşulan fəhlələrin sayı artırdı. Üstəlik, ordu daxilində də bir o qədər ürəkaçan deyildi. Doğrudur, əsgərlər satqın mühacirlərə, monarxiyaçılara harda rast gəlsələr, atəş açırdılar. Lakin bununla barışmayan hərbçilər də az deyildi. Hətta Paris qarnizonunun generalı Menunun üsyançılara qarşı güc tətbiq etmək istəməməsi onun həbsi ilə nəticələndi.
Konvent geri addım atmaq fikrində deyildi. Odur ki Termidor çevrilişinin liderlərindən olan Barrası[12 - Barras – Böyük fransız inqilabı liderlərindən biri olan Pol Fransua Jan Nİkolya vikont de Barras] Parisin bütün silahlı qüvvələrinin başçısı təyin etdi. Müasirləri onu naz-nemət içində böyümüş, dövlətin pulunu talayan, məkrli, mənsəbpərəst adam kimi tanıyırdılar. Bununla belə, Barrası qorxaq adlandırmaq olmazdı. O, yaxşı başa düşürdü ki, başlayan hərəkat Burbonları[13 - Burbonlar –  1589-1792 və 1814-1848-ci illərdə Fransa taxt-tacının sahibi olmuş hakimiyyətdəki sülalə] hakimiyyətə qaytara bilər. Bu isə Barras üçün birbaşa təhlükə demək idi. İnqilabçıların tərəfinə keçmiş zadəganları nələr gözlədiyi də ona yaxşı məlum idi.
Ləngimədən, bir neçə saat ərzində hərəkətə keçmək lazımdı. Lakin gəl gör ki, Barras hərbçi deyildi. Bu məqamda o, xahiş üçün bir neçə dəfə yanına gəlmiş nimdaş paltolu gənci xatırladı. Bilirdi ki, həmin gənc istefada olan generaldır və Tulon ətrafındakı döyüşdə fərqlənib. Əmr etdi ki, onu tapıb yanına gətirsinlər.
Napoleona bircə sual verildi: üsyanı yatırmağı boynuna götürə bilərmi? O isə bunun əvəzində düşünmək üçün bir neçə dəqiqə vaxt istədi. Nəhayət, təklifə bir şərtlə razılıq verdi: onun tapşırıqlarına heç kim qarışmayacaq. “Mən qılıncımı yalnız bütün işləri qurtarandan sonra qınına qoyacam”, – o dedi.
Bonapart dərhal Barrasın köməkçisi təyin edildi. O, vəziyyətlə ətraflı tanış olanda üsyançıların çox güclü olduğunu, Konventi böyük təhlükə gözlədiyini anladı. Ancaq onun toplardan istifadə etməklə bağlı xüsusi planı var idi. Artıq sübh tezdən toplar saraya gətirildi.
Üsyançılar Konventə doğru hərəkət edərkən bu toplardan güclü atəş açıldı. Xüsusilə Müqəddəs Roxa kilsəsinin qarşısında dəhşətli itki verən üsyançılar çətin vəziyyətə düşdülər.
Günorta isə artıq hər şey bitmişdi. Üsyançılar yaralı yoldaşlarını özləri ilə götürərək müxtəlif istiqamətlərdə qaçdılar. Hətta onların bir çoxu tələm-tələsik Parisi tərk etdilər.
Həmin axşam qələbə münasibətilə gənc generala minnətdarlığını bildirən Barrasın təkidi ilə Bonapart Paris qarnizonunun komandanı təyin olundu.
Bu qaraqabaq gəncdəki qətiyyət, cəsurluq Barrası heyran etmişdi. Bonaparta qədər hələ heç kim şəhərin ortasında kütləyə topdan atəş açmamışdı. Ən əsası isə Napoleon atdığı kəskin addımlara görə heç vaxt özünü təmizə çıxarmağa çalışmır, məsuliyyəti kiminsə boynuna yıxmırdı. Üsyançıların 24 min, Bonapartın isə 6 min silahlı adamı vardı. Deməli, Napoleonun ümid ancaq top atəşlərinə qalırdı, o da məhz bu yolu seçmişdi. “Əgər döyüşdəsənsə, nəyin bahasına olursa olsun, qələbə qazanmalısan!” – Napoleon həmişə bu prinsiplə hərəkət edirdi.
“Düşünməyin ki, başqalarından fərqli olaraq kövrək qəlbli deyiləm, – o, bir dəfə dostuna demişdi. – Əksinə, kifayət qədər xeyirxah adamam. Ancaq gənc yaşlarımdan qəlbimin kövrək tellərini susmağa məcbur etmişəm”.
Öz qəfil yüksəlişindən sonra gənc general terror vaxtı edam edilmiş qraf Boqarnenin dul arvadı Jozefinaya rastladı və ona aşiq oldu. Jozefina Boqarne Napoleondan altı yaş böyük idi. Həyatında bir çox romantik macəralar yaşamış bu qadın Banoparta qarşı bir o qədər də ehtiraslı hisslər bəsləmirdi. Lakin Napoleonla evlənməyə razılıq verdi.
Belə hesab edilir ki, gələcək imperatoru bu izdivacın daha çox maddi tərəfi maraqlandırırdı. Düzdür, Bonapart artıq yüksək mövqe sahibi idi və hamı tərəfindən qəbul edilirdi. Vaxtilə Barrasla yaxınlıq eləmiş Jozefina ilə izdivac isə respublikanın daha qüdrətli şəxslərinin qapısını Bonapartın üzünə aça bilərdi.
Beləliklə, onlar 1796-cı il martın 11-də evləndilər və iki gün sonra Bonapart arvadı ilə xudahafizləşib müharibəyə yollandı.
Həmin günlərdə Avropanın tarixində yeni bir qanlı səhifə yazılmaqdaydı…

II FƏSİL

İtaliya yürüşü
Bonapart monarxiyaçıların qiyamını darmadağın edib Barrasın və başqa əyanların rəğbətini qazandı. Sonra isə onları yenə Fransa əleyhinə koalisiya təşkil etmiş böyük dövlətləri qabaqlamağın vacibliyinə inandırmağa çalışdı. Bundan ötrü avstriyalılara və onların italiyalı müttəfiqlərinə hücum edib İtaliyanın şimalına soxulmaq lazım gəlirdi. Əslində, bu koalisiya yeni deyildi, 1792-ci ildə təşkil edilmişdi. 1795-ci ildə Fransa ilə separat sülh bağlayan Prussiya koalisiyadan ayrılmış, bununla da ittifaqda Avstriya, İngiltərə, Rusiya, Sardinya və İki Siciliya Krallığı[14 - İki Siciliya Krallığı – İtaliyanin cənubunda Neapol və Siciliya krallıqlarının birləşməsi nəticəsində yaranmış dövlət], həmçinin bir neçə alman dövləti (Vürtemberq, Bavariya, Baden və başqaları) qalmışdı.
Direktoriya[15 - Direktoriya – 1795-ci il noyabrın 4-dən 1799-cu il noyabrın 10-dək Fransada icra hakimiyyəti funksiyasını həyata keçirmiş hökumət] və ona düşmən olan bütün Avropa 1796-cı ilin yay əməliyyatlarının Almaniyanın qərb və cənub-qərbində olacağını, fransızların oradan Avstriya torpaqlarına soxulmağa çalışacağını düşünürdü. Bu yürüş üçün general Jan Viktor Moronun başçılığıyla güclü ordu yaradılmışdı.
General Bonapartın İtaliyanın şimalına soxulmaq planı isə Direktoriyanı bir o qədər də cəlb etmirdi. Ancaq bu hücum təxribat kimi işə yaraya bilərdi: düşmənin qüvvəsini parçalayar, onun diqqətini əsas hücumdan yayındırardı. Ona görə də qərara alındı ki, avstriyalıları və onların müttəfiqlərini narahat etmək üçün cənubda otuz-qırx min əsgərlə əməliyyata başlasınlar. Bu ikinci cəbhəyə məhz Bonapart baş komandan təyin olundu. O, 1796-cı il martın 11-də yeni təyinat yerinə yola düşdü.
Öz ordusuna baxış keçirən Bonapart Fransa respublikasının nüfuzlu generallarının niyə bu vəzifəyə can atmadıqlarını dərhal başa düşdü: ordu lap səfillər yığnağına oxşayırdı. Əsgərlərin saxlanılmasına, demək olar, pul ayrılmamış, verilən cüzi vəsait isə mənimsənilmişdi. 43 min əsgər Nitsa və onun ətrafındakı ərazilərdə necə gəldi yaşayırdı.
Bonapartın qarşısında çətin vəzifə dururdu: ordunu yedirib-içirtmək, intizama öyrətmək! Üstəlik, o bunu yürüş zamanı, döyüşlərarası fasilələrdə etmək məcburiyyətində idi. O, hərbi əməliyyatı heç vəchlə təxirə salmaq istəmirdi. Ayrı-ayrı qoşun hissələrinə başçılıq edən Ojero, Massena, Serrürye kimi komandirlərlə ixtilaflar isə vəziyyəti bir az da çətinləşdirirdi. Onlar 27 yaşlı Bonapartın orduya rəhbərlik etməsini özlərinə təhqir hesab edirdilər.
Bonapart ilk gündən hamıya eşitdirdi ki, vəzifəsindən və rütbəsindən asılı olmayaraq heç kimə onun əmrlərinə qarşı çıxmaq imkanı verməyəcək. “Tez-tez güllələmək lazım gəlir”, – o, soyuqqanlılıqla Direktoriyaya yazmışdı.
Bəli, istənilən halda hərbi əməliyyatları təxirə salmaq olmazdı. Həmin günlərdə Bonapartın öz əsgərlərinə etdiyi çağırış tarixə düşüb: “Əsgərlər, əyniniz çılpaq, qarnınız acdır… Mən isə sizi dünyanın ən bərəkətli torpaqlarına aparmaq istəyirəm!”
Bonapart hesab eləyirdi ki, müharibənin gedişində əsgərlərin özləri öz qarınlarını doyurmağı bacarmalıdır. Onlar bilməlidir ki, düşmənin əlindən hər şeyini almaq yalnız onun özündən asılıdır.
1796-cı il aprelin 9-da Bonapartın ordusu Alp dağlarına doğru irəlilədi. Bu çətin yürüşdə sərkərdənin daha bir xüsusiyyəti üzə çıxdı: o, boş yerə risk etməyi, həyatını təhlükəyə atmağı xoşlamırdı. Eyni zamanda hesab edirdi ki, vəziyyətdən asılı olaraq, şəxsi nümunə göstərmək lazım gələrsə, tərəddüd etmədən özünü güllə qabağına verə bilər.
Bonapart Alp dağlarını aşıb İtaliyaya çatan kimi dərhal qərar qəbul etdi. Onun qarşısında birgə hərəkət edən Avstriya və Pyemont ordusu var idi. Avstriya komandanı Derjanto ilə ilk döyüş Montenottedə oldu. Bonapart öz qüvvələrini bir böyük yumruq kimi birləşdirib avstriyalılara hücum çəkdi. Döyüş bir neçə saat ərzində avstriyalıların darmadağın olunması ilə başa çatdı. Ancaq bu, Avstriya ordusunun yalnız bir hissəsi idi. Millezimo ətrafındakı növbəti döyüş iki gün sonra baş verdi və bu dəfə Pyemont ordusu tam məğlubiyyətə uğradı. Beş batalyon təslim oldu. Bonapart düşmənin özünə gəlməsinə imkan vermədən yürüşü davam etdirdi.
Bu yürüş zamanı isə Napoleonun siyasətlə strategiyanı birləşdimək bacarığı üzə çıxdı. Belə ki, 1796-cı ilin aprelində Bonapart bir məsələ barədə fikirləşirdi: tezliklə Pyemontu (1720-1861-ci illərdə Avropada mövcud olmuş bu dövlət Sardiniya krallığı da adlanırdı – red.) separat sülhə məcbur edib, döyüş meydanında avstriyalılarla tək qoymaq! Mondozi ətrafında pyemontlular üzərində yeni qələbədən və şəhərin fransızlara təslim edilməsindən sonra aprelin 28-də Pyemontla sülh müqaviləsi bağlandı. Müqavilənin şərtləri məğlub edilən tərəf üçün çox ağır idi: Pyemont kralı Viktor Amadey iki ən yaxşı qalasını Bonaparta verməli oldu. Üstəlik, öhdəlik götürdü ki, Fransa ordusundan başqa heç bir ölkənin qoşununu öz ərazisinə buraxmayacaq, heç kimlə ittifaq bağlamayacaq. Bundan başqa, kral Nitsa qraflığını və bütün Savoyyanı Fransaya güzəştə getdi.
Bonapart yeni qələbələrdən sonra avstriyalıları Po çayının digər sahilinə sıxışdırdı. Parma hersoqu fransızlarla vuruşmaq istəməsə və neytral qalmağa üstünlük versə də, ilk zərər çəkənlərdən biri oldu. Bonapart onun üzərinə təzminat qoydu və 1700 at gətirməyə məcbur etdi.
Mayın 10-da Lodi şəhəri yaxınlığında məşhur döyüş baş verdi. Həmin döyüşdə Bonapart həyatını riskə atdı. Ən şiddətli vuruşma körpünün yanında baş tutdu və Napoleon qrenadyor[16 - Qrenadyor – XVII-XX əsrlərdə Avropa ordularında piyada qoşun növünün döyüşçüsü, qumbara atan əsgər] batalyonu ilə birlikdə, avstriyalıların dayanmadan atəşə tutduğu körpüyə hücuma keçdi. Avstriyalılar iki minə yaxın itki verib geri çəkildilər. Bonapart onları təqib edərək mayın 15-də Milana daxil oldu. Bir gün əvvəl o, Parisə yazmışdı: “Lombardiya artıq Fransa respublikasına məxsusdur”.
İyunda fransız ordusu Muratın[17 - İoahim Murat – Napoleon ordusunda marşal rütbəsinə qədər yüksəlmişdi. 1808-1815-ci illərdə Neapol kralı olub. Napoleonun bacısı Karolina Bonapartla evlənib.] başçılığıyla Livornonu, general Ojero isə Bolonyanı tutdu. Bonapart özü isə Modenanı ələ keçirdi, sonra növbə Toskanaya çatdı. Adıçəkilən İtaliya dövlətləri neytral qalsalar da, Napoleon buna əhəmiyyət vermir, orduya lazım olan hər şeyi onlardan zorla alırdı. Bəzən yerli əhali tərəfindən fransız əsgərlərinə hücumlar olurdu. Məsələn, Luqoda beş fransız draqunu[18 - Draqun – bəzi Avropa dövlətlərində yaxşı təlim keçmiş həm süvari, həm də piyada döyüşçü dəstəsinin üzvləri] öldürüldü. Bunun cavabında isə şəhər əsgərlər tərəfindən talan edildi və bir neçə yüz adam qılıncdan keçirildi.
Bonapart Avropada ən alınmaz qalalardan olan Mantuaya doğru irəlilədi. Oranı yenicə mühasirəyə almışdı ki, Turoldan general Vurmzerin otuz min qoşunla qaladakıların köməyinə gəldiyini eşitdi.
Bonapart Mantuanın mühasirəsinə 16 min əsgər cəlb etməyi nəzərdə tutmuşdu, 29 min əsgər isə ehtiyatda saxlanmışdı. O, Fransadan əlavə kömək gözləyirdi. Vurmzerin qarşısına ən yaxşı generallarından biri olan Massenanı çıxardı. Ancaq Vurmzer onu geri otuzdurdu. Bonapart bu dəfə general Ojeronu yolladı. Lakin o da dəf olundu. Vəziyyət get-gedə ümidsizləşirdi. Bu dəfə Bonapart öz məşhur manevrini etdi; nəzəriyyəçilərin fikrincə, təkcə bu manevr belə ona “əbədi şöhrət” qazandıra bilərdi.
Vurmzer mühasirəyə alınmış Mantuaya girib qorxunc düşmən üzərində qələbəni qeyd etməyə hazırlaşırdı. Həmin vaxt Bonapartın avstriyalıların başqa bir dəstəsini darmadağın etdiyini eşitdi. Vurmzer Mantuadan geri çəkildi və avqustun 5-də Kastilyone şəhəri yaxınlığında Bonapartla üz-üzə gəldi. Fransız ordusu onu məğlubiyyətə uğratdı.
Vurmzer darmadağın edilmiş ordusunun qalıqları ilə Mantua qalasına çəkildi. Ona kömək üçünsə Avstriyadan təcrübəli general Alvinsinin rəhbərliyilə yeni qüvvələr göndərildi.
1796-cı il noyabrın 15-də iki ordu – avstriyalılarla fransızlar bu dəfə Arkole yaxınlığında qarşılaşdılar. Avstriyalılar sayca çox idilər və son dərəcə mətanətlə vuruşurdular. Ən strateji məntəqə məşhur Arkole körpüsü idi. Fransızlar üç dəfə körpüyə hücum etdilər və hər dəfə də ağır itki verərək geri çəkilməli oldular. Bu zaman Bonapart bir neçə ay əvvəl Lodi körpüsü alınarkən etdiyi hərəkəti təkrarladı: əlində bayraq özü şəxsən irəli atıldı. Onun ətrafındakı bir neçə əsgər və adyutantı[19 - Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu] vurulsa da, üç gün sürən döyüş fransızların qalibiyyətilə başa çatdı.
Arkole döyüşündən ay yarım sonra özlərinə gələn avstriyalılar revanş almağa hazırlaşdılar. 1797-ci il yanvarın ortalarında Rivoli yaxınlığındakı qanlı döyüşlərdə Bonapart Avstriya ordusunu darmadağın etdi. İki həftə sonra Vurmzer təslim oldu.
Həmin il aprelin əvvəllərində general Bonapart Avstriya imperatorunun Fransa ilə sülh danışıqlarına başlamaq istədiyi barədə məktub aldı. Direktoriya sülhə razılıq verdi. Bundan sonra müzəffər general Bonapart Leoben şəhərində iki ölkə arasında barışıq müqaviləsini imzaladı.
Leoben danışıqları başlayana qədər isə Bonapart onsuz da Roma ilə haqq-hesabı çürütmüşdü. Fransa inqilabının düşməni olan o vaxtkı Roma papası VI Piy Napoleondan cəhənnəm alovu kimi qorxurdu. Ona görə də hər fürsətdə Avstriyaya kömək edirdi. Bu səbəbdən Vurmzer təslim olan kimi Bonapart məhz Papanın üzərinə yeridi və elə ilk döyüşdəcə onun ordusunu darmadağın etdi. Sonra şəhərlər müqavimət göstərmədən bir-birinin ardınca təslim oldu. Fransızlar həmin şəhərlərdə əllərinə keçən qiymətli nə varsa – pul, cəvahirat, rəsm əsərləri – hamısını yağmaladılar. Romanı vahimə bürümüşdü, imkanlı adamlar, ruhanilər baş götürüb Neapola qaçırdılar.
Baş verənlərdən dəhşətə gələn Papa VI Piy Bonaparta yalvarış dolu məktub yazdı və ondan barışıq dilədi. Üstəlik, bütün şərtlərə razı olduğunu bildirdi. 1797-ci il fevralın 19-da Tolentinoda Papa ilə sülh imzalandı. VI Piy torpaqlarının böyük hissəsini güzəştə getdi, öz muzeylərindəki ən yaxşı rəsm əsərlərini, heykəlləri fransızlara verdi. Milan, Bolonya, Modena, Parma, Pyasenza və Venesiyada olduğu kimi, Romadan da yağmalanan rəsm əsərləri, heykəllər Bonapart tərəfindən Parisə göndərildi.
Bəs Napoleon niyə həmin vaxt Romanı tutub Papanı həbs etmədi? Birincisi, Papanın həbsi katolikləri ayağa qaldıra bilərdi, bu isə hələ öz yerini lazımınca möhkəmləndirməyən gənc generala əl vermirdi. İkincisi, Fransada milyonlarla insan Papanı özünə mənəvi ata sayır və ona sitayiş edirdilər. Napoleon isə yaxşı bilirdi ki, bu insanlar üzərində öz hakimiyyətini qurmaq və saxlamaq istəyən hökmdar mütləq onların dini inancları ilə hesablaşmalıdır.
Rivoli ətrafında döyüş, Mantua qalasının fəthi, Papa torpaqlarının ələ keçirilməsi Bonapartın adını bütün Avropaya tanıtdırdı.
1797-ci ilin mayında Bonapart Milanda ikən tabeliyindəki generallardan biri, həmin vaxt Triyestdə xidmət edən Bernadott onun yanına çapar göndərdi. Çapar Bonaparta bir portfel gətirmişdi. Bernadott həmin portfeli fransızların qorxusundan Venesiyadan Triyestə qaçan monarxiyaçı, eyni zamanda Burbonların casusu qraf d’Antreqanın əlindən almışdı. Bu gözlənilməz tapıntının əhəmiyyətini anlamaq üçün həmin vaxt Parisdə nə baş verdiyini yada salmağa ehtiyac var.
Parisdəki qiyam Bonapartın toplarından açılan atəşlə yatırılsa da, monarxiyaçılar revanş almaq fikrindən daşınmamışdılar. Onlar özlərinə gəlib yenidən güclənməyə başlamışdılar. Direktoriyaya müxalifətdə olan burjuaziyanın bir hissəsi, ruhanilər, xaricdən yardım alan əksinqilabçı qüvvələr əlverişli məqam gözləyirdilər. Hətta Direktoriyanın özündə də bu qüvvələrə qarşı qəti ölçü götürülməsinin əleyhinə olanlar var idi.
Hakimiyyəti xoşluqla vermək istəməyən Barrası narahat eləyən başlıca məsələlərdən biri general Pişequrun da müxalifət düşərgəsində olması idi. Pişequr 1795-ci ildə Hollandiyanı işğal etməklə məşhurlaşmışdı. Bonapart da bu generalın varlığından narahat idi. Çünki Pişequrun nüfuzu həlledici anda əsgərləri yoldan çıxara bilərdi. Əsgərlər Pişequru əsl respublikaçı kimi tanıyırdılar və buna görə də onun arxasınca gedə bilərdilər.
Həbs olunan qraf d’Antreqanın qalın portfelindən şahzadə Kondenin xəfiyyəsi ilə gizli danışıqlar aparan Pişequrun satqınlığını sübut edən dəlillər çıxdı. Bu dəlillərin Bonapart üçün nə demək olduğunu anlamaq çətin deyil. Yalnız bir məsələ həmin sənədlərin Barrasa göndərilməsini azacıq ləngitdi. Belə ki, sənədlərin birində (üstəlik, Pişequru günahlandırmağa əsas verən sənəddə!) Burbonların başqa bir xəfiyyəsi İtaliyada Bonapartla görüşüb, onunla da danışıqlar aparmağa cəhd etdiyini yazırdı. Odur ki Napoleon qrafı yanına çağırtdırıb həmin sətirlərin silinməsi şərtilə sənədin üzünü təzədən köçürməsini əmr etdi. D’Antreqa canını qurtarmaq üçün bu tələbi tezcə yerinə yetirdi.
Bundan sonra monarxiyaçıların kütləvi həbsi başladı. Həbs olunanlar məhkəməsiz-filansız Qvianaya sürgün olundular (sonralar oradan çox az adam sağ qayıtdı). Sentyabrın 4-də səhər tezdən küçələrdən iri plakatlar asılmışdı: bunlar Bonapartın Barrasa göndərdiyi sənədlərin surəti idi. General Pişequr da tutulub Qvianaya göndərildi. Kütlə Direktoriyanı sevmirdi, ancaq monarxiyaçılara daha çox nifrət edir və Burbonlar sülaləsinin tərəfdarlarına vurulan zərbələrə sevinirdi.
Beləliklə, respublika xilas olundu və yenilməz general Bonapart İtaliyadakı uzaq düşərgəsindən Direktoriyanı bu münasibətlə təbrik etdi. Halbuki o, iki il sonra Direktoriyanı, yeddi il sonra isə respublikanı məhv edəcəkdi.
Dahi hərbçinin adı artıq dillər əzbəri olmuşdu. Hamı başa düşürdü ki, başqa generalların Reyndə uduzduğu müharibə, İtaliyada Bonapart tərəfindən qazanılıb.
Avstriya ilə Kampo-Formioda bağlanan sülh müqaviləsindən sonra Direktoriya cidd-cəhdlə Bonapartı Parisə çağırırdı. O bu dəfə İngiltərəyə qarşı vuruşacaq ordunun baş komandanı təyin olunmuşdu. Bonapart Direktoriyanın ondan qorxmağa başladığını hiss eləyirdi. “Onların mənə paxıllığı tutur. Odur ki tələm-tələsik İngiltərəyə qarşı döyüşəcək ordunun generalı təyin ediblər ki, məni İtaliyadan uzaqlaşdırsınlar. Çünki mən burada hərbi komandandan daha çox hökmdaram”, – dostları ilə söhbətdə Bonapart öz təyinatını belə qiymətləndirmişdi.
Napoleon 1797-ci il dekabrın 7-də Parisə qayıtdı, 10 dekabrda isə Direktoriya tərəfindən Lüksemburq sarayında təntənə ilə qəbul olundu. Bonapart gələndə sarayın ətrafına toplaşmış kütlə onu alqışlarla qarşıladı. Lakin 28 yaşlı general onları soyuqqanlılıqla süzürdü. “Məni eşafota[20 - Eşafot – edam kürsüsü] aparsaydılar, əminəm ki, bu kütlə eyni tələskənliklə qaçıb ətrafımdan uzaqlaşardı”, – Bonapart gurultulu alqışlardan sonra dostlarına belə demişdi.
Napoleon Parisə çatar-çatmaz yeni böyük müharibəyə başlamaq üçün Direktoriyadan razılıq almağa çalışdı: o, İngiltərəyə qarşı döyüşəcək ordunun generalı kimi qərara almışdı ki, Fransa donanması zəif olduğundan düşməni La-Manşdan yox, başqa yerdən təhdid etmək lazımdır. Beləliklə, Bonapart Misiri ələ keçirib, oradan İngiltərənin Hindistandakı hökmranlığına təhlükə yaratmağı təklif etdi.
“Bu adam dəli olmayıb ki?” – 1798-ci ilin yayında, artıq iş-işdən keçəndən sonra Avropada çoxları bu sözləri söyləyirdi. Çünki həmin vaxta kimi Bonapartın İngiltərəyə qarşı planı hamıdan gizli saxlanılmışdı.

Misirin işğalı və Suriyaya hərbi yürüş
Misirə hərbi yürüş Fransanın müstəmləkə işğalları tarixində xüsusi yer tutur. Bu, eyni zamanda Napoleonun karyerasında ikinci böyük müharibədir. Marsel burjuaziyasının və Fransanın cənub ərazilərində yaşayan əhalinin Balkan yarımadası, Suriya və Misirlə uzun illər davam edən əlverişli ticarət əlaqələri vardı. Bu ərazilər o dövrdə Osmanlı imperiyasının torpaqları sayılırdı. Fransanın hakim dairələri isə Misirə Hindistanla İndoneziyadakı ticari və siyasi rəqiblərini təhdid edə biləcəkləri strateji yer kimi baxırdılar. Məşhur filosof Leybnits[21 - Leybnits – alman filosof və riyaziyyatçısı Qotfrid Leybnist (1646-1716)] bir vaxtlar XIV Lüdovikə hollandiyalıların bütün Şərqdə mövqeyini laxlatmaq üçün Misiri işğal etməyi məsləhət görmüşdü. XVIII əsrin sonunda isə başlıca düşmən hollandiyalılar yox, ingilislər idi. Deməli, Fransanın siyasi rəhbərləri Misiri ələ keçirməyi təklif edən Bonaparta heç də dəli kimi baxmırdılar. Təəccüblü deyil ki, hətta ehtiyatlı, hər şeyə şübhə ilə yanaşan Xarici İşlər naziri Taleyran[22 - Fransız siyasətçisi və diplomatı Şarl Moris de Taleyran-Periqor (1754-1838)] da bu planı qətiyyətlə müdafiə edirdi.
Beləliklə, Kampo-Formiodan sonra indi başlıca düşmən İngiltərə idi. Bonapart bütün gücünü Misiri işğal etmək üçün Direktoriyadan donanma və ordu almağa yönəltmişdi. Şərq onu həmişə özünə cəlb eləyirdi. Sonralar Misir səhrasında gəzərkən yoldaşlarına yarızarafat, yarıciddi demişdi ki, heyif, çox gec doğulub, bir vaxtlar Misiri tutmuş Makedoniyalı İsgəndər kimi özünü Tanrı, ya Tanrının oğlu elan eləyə bilməz.
Direktoriyanı yola gətirmək üçün Bonapart çox da əziyyət çəkməli olmadı. Bunun da bir neçə səbəbi var idi. Birincisi, Direktoriyanın özü də iqtisadi, hərbi, siyasi baxımdan bu istiladan fayda güdürdü. İkincisi, səfərin uzaq və təhlükəli olması Bonapartın qəfil məşhurlaşmasından narahatlıq hissi keçirənlərin (o cümlədən Barrasın) işinə yarayırdı.
Nəhayət, yürüşə icazə verildi, Bonapart isə baş komandan təyin edildi. O dərhal hazırlıqlara başladı. Gəmilərə baxışdan tutmuş əsgərləri seçməyə qədər bütün işlərlə özü şəxsən məşğul olurdu. O, əsgərlərin çoxunu tanıyırdı. Ümumiyyətlə, Napoleonun yaddaşı ətrafındakıları həmişə heyrətə salırdı. Məsələn, o bilirdi ki, filan əsgər dözümlü və qoçaq olsa da əyyaşdır; digəri çox ağıllı və fərasətlidir, ancaq tez yorulur, çünki yırtıq xəstəliyindən əziyyət çəkir. Bonapart sonralar marşalları yaxşı seçdiyi kimi, kapralları, əsgərləri də dəqiqliklə seçirdi. İndi isə Misir yürüşündə ona əlli dərəcə istidə döyüşməyi, səhrada susuz qalmağı bacaran adamlar lazım idi.
1798-ci il mayın 19-da Bonapartın donanması Tulondan yola düşdü. 30 min adamın yerləşdiyi 350 irili-xırdalı gəmi, az qala, bütün Aralıq dənizi sahili boyunca üzməli və admiral Nelsonun eskadrasından[23 - Eskadra – eyni və ya müxtəlif növ hərbi gəmilərin böyük birləşməsi] yayınmalı idi.
Fransanın dəniz ekspedisiyasına hazırlıq gördüyündən, demək olar, bütün Avropa xəbərdardı. Bu ölkənin cənub limanlarında qızğın iş getdiyini, bura axın-axın əsgərlərin göndərildiyini, ekspedisiyanın başında isə Bonapartın dayanacağını İngiltərədə də yaxşı bilirdilər. Bəs ekspedisiya hara üz tutacaqdı? Bonapart şayiə buraxmışdı ki, məqsədi Cəbəlütariqdən[24 - Cəbəlütariq – Atlantik okeanı ilə Aralıq dənizi arasında boğaz, su keçidi] keçib İspaniyanı dolanaraq İrlandiyaya qoşun çıxarmaqdır. Bu şayiə Nelsonu çaş baş saldı: fransız donanması limandan çıxıb şərqə – Maltaya yönələndə, o, Napoleonu Cəbəlütariqdə gözləyirdi.
General Bonapart Maltaya yaxınlaşıb adanın təslim olmasını tələb etdi və buna nail oldu. Buranı Fransanın torpağı elan edib, bir neçə gündən sonra Misirə doğru üzdü. 30 iyunda öz ordusu ilə İsgəndəriyyə şəhəri yaxınlığında lövbər saldı. Buradaca məlum oldu ki, iki gün əvvəl ingilis eskadrası şəhərə yaxınlaşaraq Bonapartı xəbər alıb. Vəziyyət təhlükəli idi. Deməli, Nelson fransızların Maltanı tutduğunu eşidincə aldandığını anlayaraq Misirə doğru tələsib. İstəyi də budur ki, fransız donanmasını quruya çıxmağa macal tapmadan dənizdəcə batırsın. Ancaq məhz bu tələskənliyi ona ziyan vurdu; İsgəndəriyyədə ona deyəndə ki, Bonapart adlı adamı tanımırlar, Nelson Konstantinopola üz tutdu. Bu da fransız ordusunu xilas etdi. Qeyd etdiyimiz kimi, həmin dövrdə Misir türk sultanının torpağı sayılırdı. Lakin ölkəni idarə edən məmlük bəyləri sultana xərac versələr də, faktiki olaraq Konstantinopoldan[25 - Konstantinopol – İstanbul] asılı deyildilər.
Misirə yürüş edən Bonapart özünü elə göstərirdi ki, guya türk sultanı ilə vuruşmaq niyyətində deyil. Əksinə, onunla dostluq əlaqəsi saxlayır və ərəbləri məmlük bəylərinin əsarətindən xilas etməyə gəlib. Napoleon həmçinin islam dininə hörmətlə yanaşdığını deyirdi. Sonra isə ona tabe olmayana qarşı ciddi ölçü götürəcəyini söyləyirdi.
Bonapart İsgəndəriyyənin ardınca Qahirəyə doğru irəlilədi. Qorxmuş əhali baş verənləri dinməzcə seyr eləyirdi. Onlar Bonapart haqqında heç nə eşitməmişdilər, bura niyə gəldiyini, hətta kiminlə vuruşduğunu belə bilmirdilər.
Daha sonra Napoleon Suriyaya yürüş etmək üçün hazırlığa başladı. Fransadan gətirdiyi alimləri özü ilə ora aparmaq istəmirdi. Bonapart müasiri olan alimlərə dərin hörmət bəsləmirdi. Lakin onlara konkret tapşırıqlar verdikdə böyük faydalarının dəyə biləcəyini gözəl anlayırdı. Bu səbəbdən də ekspedisiyaya daxil etdiyi alimlərə ayrıca diqqət göstərirdi. Bonapartın məmlüklərlə bir döyüşdən əvvəl verdiyi əmr xeyli məşhurdur: “Eşşəklər və alimlər ortaya!” O bu əmrlə yürüş zamanı əsgərlərə əvəzsiz köməyi dəyən uzunqulaqlarla elm nümayəndələrinin təhlükəsizliyini təmin etmək məqsədi güdürdü.
Qeyd etmək lazımdır ki, Bonapartın hərbi yürüşü misirşünaslığın inkişafında böyük rol oynadı. Onunla gələn alimlər insan sivilizasiyasının beşiyi olan bu qədim diyarı elm üçün kəşf etdilər.
1798-ci ilin oktyabrında Qahirədə üsyana cəhd edildi. İşğalçı ordunun bir neçə əsgəri hücuma məruz qaldı və öldürüldü. Üsyançılar üç gün ərzində bəzi məhəllələrdə ciddi müqavimət göstərdilər. Qiyam amansızcasına yatırıldı. Hətta sonrakı günlərdə də hər gün on-on beş adam edam edilirdi.
Çox keçmədi ki, Qahirədəki üsyan yaxınlıqdakı kəndlərə də sıçradı. General Bonapart elə ilk üsyandan xəbər tutan kimi əmr etdi ki, həmin kəndləri mühasirəyə alıb bütün kişiləri qırsınlar, evləri isə yandırsınlar. Əmr dəqiqliklə yerinə yetirildi.
Bu arada Bonapart iki təhlükə ilə hesablaşmağa məcbur idi. Birincisi, admiral Nelson, nəhayət, fransız eskadrasını haqlayıb tamamilə məhv etmiş, admiral Briey isə döyüşdə həlak olmuşdu. Beləliklə, Misirdə döyüşən ordunun Fransa ilə əlaqəsi kəsilmişdi. İkincisi, Osmanlı sultanı Suriyaya ordu yollamışdı.
Bonapart türklərin qarşısına çıxmaq üçün Suriyaya doğru irəlilədi. Şəhərlər bir-birinin ardınca fransızlara təslim olurdu. Napoleon Süveyş boğazından keçib 1799-cu il martın 4-də Yaffa şəhərini mühasirəyə aldı. Şəhər təslim olmaq istəmədi. Belədə elan edildi ki, Yaffa hücumla tutulsa, bütün əhali qılıncdan keçiriləcək, hətta bir nəfər belə əsir götürülməyəcək. Yaffa yenə təslim olmadı. Martın 6-da şəhərə hücum başladı. Tezliklə Yaffaya soxulan əsgərlər heç kimə rəhm etmədilər. Evlər, dükanlar yağmalandı. Qarət başa çatanda Napoleona xəbər verildi ki, əsasən, albanlardan ibarət 4 minə yaxın silah-sursatlı Osmanlı əsgəri həyatları bağışlanacağı təqdirdə təslim olacaqlarını bildirirlər. Fansız zabitləri də buna razılıq veriblər.
Napoleon bu xəbərə bərk qəzəbləndi: “İndi mən onları yedizdirmək üçün ərzağı haradan tapacam?” Gəmi də yox idi ki, Osmanlı əsgərlərini dəniz vasitəsilə Misirə göndərsinlər. Napoleon dörd gün tərəddüd eləyəndən sonra həmin döyüşçülərin güllələnməsinə qərar verdi. Sonralar bir fransız zabiti yazmışdı: “Bu güllələnmə səhnəsini görməyi heç kimə arzulamıram”.
Bundan dərhal sonra Napoleon Akka qalasına doğru hərəkət etdi. Akkanın mühasirəsi iki ay sürdü və uğursuzluqla nəticələndi. Mühasirə zamanı fransızlar üç min əsgər itirdilər və təzədən Misirə qayıtmağa məcbur oldular.
Geriyə qayıdan ordu daha böyük çətinliklə üzləşdi. Çünki mayın axırı, iyunun əvvəlləri idi və bu vaxtlar həmin yerlərdə dözülməz istilər olurdu. Onu da qeyd edək ki, Suriyadan Misirə qayıdarkən Bonapart bu yürüşün bütün məhrumiyyətini əsgərləri ilə birgə yaşamışdı. Baş komandan olduğu üçün ona ayrılan ekipajdan belə imtina etmişdi. Bütün arabalar, ekipajlar sadəcə yaralıları daşımaq üçün ayrılmışdı.
1799-cu il iyunun 14-də Bonapartın ordusu Qahirəyə qayıtdı. Bu vaxt heç kimin gözləmədiyi bir hadisə baş verdi. Uzun aylardır Avropadan məlumatı olmayan Napoleon təsadüfən əlinə düşən qəzetdən xəbər tutdu ki, Avstriya, İngiltərə, Rusiya və Neapol krallığı Fransaya qarşı müharibəyə başlayıb. Hətta rus generalı Suvorov İtaliyada fransızları darmadağın edib. Fransanın özündə isə qarışıqlıq idi, Direktoriyaya qarşı narazılıq artmışdı. “Yaramazlar! İtaliya itirilib! Zəhmətim hədər gedib! Mən dərhal yola düşməliyəm!” – Napoleon qəzeti oxuyan kimi belə demişdi.
Ordunun komandanlığını general Kleberə həvalə edən Bonapart dörd gəmini səfər üçün hazırlamağı əmr etdi. Sonra isə 500 seçmə əsgər və zabiti özü ilə götürərək 1799-cu il avqustun 23-də Fransaya yola düşdü.

On səkkiz brümer
Napoleonun Misirdən Fransaya yola düşməsinin bircə səbəbi vardı: Direktoriyanı devirib dövlətin başına keçmək!
1799-cu il oktyabrın 8-də onun gəmiləri Frejüs burnuna tərəf yan aldı. Həmin gündən Napoleonun Fransa hökmdarı olacağı 9 noyabra kimi ölkədə hansı vəziyyət hökm sürürdü?
Direktoriya artıq öz dayaqlarını itirmişdi. İri burjuaziya diktatorun – ticarəti bərpa, sənayeni inkişaf etdirəcək, Fransaya ləyaqətli sülh və daxili “qayda-qanun” gətirəcək adamın arzusunda idi. Xırda və orta burjuaziya da (xüsusilə, torpaq sahibi olmuş varlı kəndlilər) – eyni şeyi istəyirdi.
Kütləvi şəkildə tərk-silah olunduqdan və terrora məruz qaldıqdan sonra Paris fəhlələri də iri burjuaziyanın, möhtəkirlərin, dövlət malını talayanların mənafelərini qoruyan Direktoriyanı müdafiə etməyə əsla meyilli deyildilər.
Ordu haqqında isə ümumiyyətlə danışmağa dəyməzdi. Əsgərlər xeyli vaxtdır Misirdə olan Bonapartın xiffətini eləyir, talançıların ucbatından aclıq çəkdiklərinə, nahaq yerə ölümə göndərildiklərinə görə şikayətlənirdilər.
Bu arada Vandeyada monarxiyaçılar hərəkatı qəfil alovlanmışdı. Həmin hərəkatın nümayəndələri o qədər cəsarətlənmişdilər ki, hətta küçələrdə “Rədd olsun respublika!” deyə qışqırırdılar. General Massenanın 1799-cu ildə İsveçrədə Korsakovun qoşununu darmadağın etməsi, rus çarı I Pavelin (1796-1801) Suvorovu geri çağırması da Direktoriyanın nüfuzunu bərpa edə bilməmişdi. İndi Direktoriya əsgərlərin gözündə ordunu çörəksiz və çəkməsiz qoyan, bir vaxtlar Bonapartın qazandığı uğurları düşmənə peşkəş edən bir ovuc xəyanətkardan ibarət idi. Artıq diktatura qurmaq üçün əla zəmin yaranmışdı.
Oktyabrın 13-də Direktoriya Konventin aşağı palatasına – Beşyüzlər Şurasına general Bonapartın Fransaya qayıtdığı barədə məlumat verdi. Deputatlar ayağa qalxıb bu xəbəri alqışlarla qarşıladılar. İclas yarımçıq kəsildi. Şahidlərin sözlərinə görə, deputatlar küçəyə çıxıb aldıqları xəbəri yayan kimi paytaxtı sevinc sədaları bürüdü: hər yerdə Banapartın adı dolaşırdı. Parisə gələrkən generalın yolboyu kəndlərdə, şəhərlərdə necə hərarətlə qarşılandığından indi paytaxt hər kəs xəbərdar idi. Nəinki Napoleon özü, ümumiyyətlə, heç kim bu cür təntənəli qarşılanma gözləmirdi. Paytaxt qarnizonu Bonapartın gəldiyini eşidəndə musiqi sədaları altında küçələrdən keçməyə başladı. Onlara bu əmri kimin verdiyi isə məlum deyildi. Bəlkə də, heç bu barədə əmr verilməmişdi…
General Bonapart oktyabrın 16-da Parisə çatdı. Direktoriyanın mövcudluğuna son qoyulmasına hələ üç həftə qalırdı. Di gəl, siyasi məhvini gözləyən Barras da, Bonapartın mövcud rejimi dəfn etməsinə yardım əli uzadanlar da hərbi diktaturanın qurulmasına sayılı günlərin qaldığından xəbərsizdilər.
Bir andaca aydınlaşdı ki, əgər Napoleon dərhal çevriliş etmək istəsə, Direktoriyada ona mane olacaq kimsə yoxdur. Yalnız iki direktorla – Barras və Siyeslə hesablaşmaq lazım gələcəkdi. Siyes Fransa iri burjuaziyasının nümayəndəsi və ideoloqu idi. O, Bonapartın gəlişinə ümidlə baxır, ancaq generalla bağlı düşüncəsində səhvə yol verirdi. “Bizə qılınc lazımdır”, – deyən Siyes elə bilirdi ki, Bonapart yalnız döyüş meydanında qələbə qazana bilər, yeni rejimin siyasi qurucusu isə o özü olacaq.
Barrasa gəlincə, o, Siyesdən daha ağıllı idi. Həyatını təhlükəyə atmaqdan qorxmur, düşmənin üstünə getməyi bacarırdı. Bilirdi ki, monarxiyaçılar da, yakobinlər də ona nifrət edir və qalib gəlsələr, onlardan rəhm gözləməyə dəyməz. Bununla belə, yenə də onlara aman vermirdi.
Əslində Barras kimilər Napoleona lazım deyildi. Həyasızcasına edilən oğurluqlar, açıq-aşkar rüşvətxorluq, fırıldaqçılıq, ac kütlələrin gözü qarşısında qurulan kef məclisləri – bütün bunlar Barrası çürüməkdə olan Direktoriya rejiminin simvoluna çevirmişdi. Siyes isə öz adını ləkələməmişdi və Bonapartın tərəfinə keçməklə baş verənlərə “qanuni don” geyindirə bilərdi.
Həmin günlərdə generalın yanına öz adlarını onun karyerası ilə bağlamağa nail olacaq daha iki nəfər – Taleyranla Fuşe[26 - Fransız siyasətçisi və dövlət xadimi Jozef Fuşe (1759-1820)] də gəldilər.
Bonapart Taleyranı çoxdan tanıyırdı. Tamahkar, rüşvətxor, eyni zamanda ağıllı və mənsəbpərəst adam olduğunu bilirdi. Onun lazım gəlsə hamını sata biləcəyinə şübhəsi yox idi. Lakin əmin idi ki, Taleyran indi onu Direktoriyaya satmaz, əksinə, Xarici İşlər naziri kimi sonacan xidmət etdiyi Direktoriyanı fikirləşmədən sata bilər. Taleyran ona son dərəcə qiymətli məsləhətlər verib işi tələsdirir, Bonaparta qulluq edəcəyini isə heç kimdən gizlətmirdi.
Fuşe də eyni yolla getdi. O, Direktoriya dövründə polis naziri idi, Bonapartın dövründə də həmin vəzifədə qalmaq istəyirdi. Odur ki keçmiş yakobin və terrorist olan, XVI Lüdovikin ölüm hökmünü səsə qoymuş bu adam yeni hökmdara heç vaxt xəyanət etməzdi.
Bonaparta qeyri-məhdud səlahiyyətlər verən dövlət çevrilişi, adətən, qısaca 18 brümer (9 noyabr) çevrilişi adlanır. Əslində isə hadisə 18 brümerdə başlayıb, 19 brümerdə (10 noyabr) sona çatmışdı.
Beləliklə, noyabrın 9-u səhər saat 6-da Bonapartın evi ilə ona yaxın küçələr general və zabitlərlə dolub-daşmağa başladı. Paris qarnizonunun əsgərləri hazır vəziyyətə gətirilmişdi. Səhər tezdən Bonapart etibar etdiyi generalları (bacısı ilə evlənmiş Murat, ondan başqa, Lekler, Bernadott və Makdonald), zabitləri ətrafına topladı. Napoleon onlara dedi ki, respublikanı xilas etməyin vaxtı çatıb. Gələcək hökmdar tələm-tələsik çağırılmış Ağsaqqallar Şurasından çıxacaq dekreti gözləyirdi.
Ağsaqqallar Şurası, əsasən, orta və iri burjuaziyanı təmsil edirdi. Şurada Bonaparta sadiq olan Korne söz alıb “terroristlərin dəhşətli qəsdindən” – respublikanı məhv etmək istəyindən danışdı. Təklif olundu ki, “dəhşətli qəsdin” yatırılması Bonaparta tapşırılsın, o, Parisdə və paytaxt ətrafında yerləşən bütün silahlı qüvvələrin komandanı təyin edilsin. Bu təklifə etiraz etməyə heç kimin cürəti çatmadı. Beşyüzlər Şurasında etiraz edənlər isə zala girən draqunlar tərəfindən dağıdıldı. Axşama yaxın deputatlar təzədən toplandı və çıxarılan dekret dərhal Bonaparta göndərildi.
Dekretə görə respublikada hakimiyyət konsul adlanan üç şəxsə verilirdi. Bu vəzifələrə Bonapart, Siyes və Roje-Düko təyin edildi. Bonapart hələ ki, təkbaşına hökmran olmağı məqsədəuyğun saymırdı. Lakin öz konsulluğunun əvvəl-axır diktatura olacağına qəti qərar vermişdi.
Artıq Fransa Bonapartın ayaqları altında idi.

Diktaturaya doğru ilk addımlar
10 noyabr axşamı general Bonapart 15 il müddətinə Fransa xalqının qeyd-şərtsiz hökmdarına çevrildi. Napoleon ilk beş ili özünü “konsul”, son on ili isə “imperator” adlandırdı və buna uyğun olaraq Fransa əvvəl respublika, sonra isə imperiya oldu.
O bütün gücünü və istedadını yeni dövlətin hakimi-mütləq hökmranı olmağa yönəltdi. Napoleon dövlət idarələrini yenidən qurur, onların adını, funksiyasını dəyişdirirdi. Lakin bu qurumların mənası və məqsədi dəyişməz qalırdı: onlar bütünlüklə dövlət aparatını bir nəfərin iradəsini yerinə yetirən alətə çevirməli idi.
İndiyə qədər həyatı ancaq müharibələrdə keçən, İtaliyanın və Misirin istilaçısı, respublikanın qanuni hökumətini bir zərbə ilə məhv etmiş 30 yaşlı general 19 brümer axşamı, əslində yaxşı tanımadığı, daha doğrusu, buna macal tapmadığı Avropanın böyük dövlətlərindən birinin hökmdarı oldu.
Xarici məsələlərə gəlincə, birinci konsul burada da son dərəcə mürəkkəb və təhlükəli vəziyyətlə üzləşmişdi. O, Misiri istila etdiyi vaxt ikinci Avropa koalisiyası İtaliyanı fransızlardan geri aldı. Suvorovun yürüşü Bonapartın 1796-1797-ci illərdə qazandığı zəfərlərin bəhrəsini məhv etmişdi. Doğrudur, koalisiya qüvvələri Alp dağlarını aşandan sonra Fransaya soxulmağa cürət etmədi. Ancaq onlar qılınclarını qınına qoymamışdılar və yazda yenidən Fransa sərhədlərində peyda ola bilərdilər. Xəzinədə pul yox idi, bəzi ordu hissələri aylarla dövlətdən vəsait almırdılar. Odur ki siyasi xadimlər hərbi təcrübəsi olsa da, siyasi təcrübəsi olmayan gənc korsikalının bu mürəkkəb vəziyyətdən necə çıxacağını maraqla gözləyirdilər.
Siyesin hazırladığı yeni konstitusiya çevrilişdən üç ay sonra hazır oldu. Bonapart layihəni müəllifin gözləmədiyi halda “cəfəng” adlandırıb sənədə bir xeyli düzəliş etdi. Konstitutsiyaya görə, respublikaya üç konsul başçılıq edəcəkdi; bütün hakimiyyət birinci konsula verilirdi, digər ikisi isə məşvərətçi səsə malik olacaqdılar. Senat konsullar tərəfindən təyin olunurdu, o da öz növbəsində qanunverici korpusun üzvlərini və əhali tərəfindən seçilmiş bir neçə min nümayəndənin içindən Tribunatın[27 - Tribunat – 1799-cu il konstitusiyasına görə Fransadakı dörd idarəetmə orqanından birinin başçısı] tərkibini müəyyənləşdirirdi.
Beləcə, bütün hakimiyyət Napoleonun əlində cəmləndi. Siyes çaşıb qalmışdı. Ancaq Napoleon onu yaxşıca mükafatlandıraraq aktiv fəaliyyətdən həmişəlik kənarlaşdırdı.
Bonapart tənqidə qarşı da dözümsüzlik göstərirdi. Konsul konstitusiyası tətbiq edilməyə başlayanda o, ölkədə çıxan 73 qəzetdən 60-nı bağladı, qalan 13 qəzet isə (bir müddət sonra onların 9-u da bağlandı) polis nazirinin ciddi nəzarətinə verildi. Napoleon “mətbuat azadlığı” barədə eşitmək belə istəmirdi.
Napoleon bu fikirdə idi ki, hakimiyyəti ona qrenadyorlar verib, odur ki yalnız onlara borcludur. “Böyük batalyonlar həmişə haqlıdır” – bu, Napoleonun ən sevimli sözlərindən idi. Çünki “böyük batalyonlar” 18-19 brümerdə ona Fransanı qazandırmışdı. Daha əvvəl isə onların sayəsində İtaliyanı, Misiri istila etmişdi. Bu səbəbdən də heç kim hakimiyyəti onunla bölüşə bilməzdi. Bunu hamıdan əvvəl Siyes anladı, bir müddət sonra isə 18 brümer sui-qəsdinin bütün iştirakçıları başa düşdülər.
Bonapart haqqında şair Höte yaxşı demişdi: “Napoleon üçün hakimiyyət, böyük artist üçün musiqi aləti kimi bir şeydir”. O həmin aləti dərhal işə saldı. Hər şeydən əvvəl Fransanın qərbindəki vətəndaş müharibəsinə, cənubda və şimalda baş alıb gedən quldurluğa son verməyi qarşısına məqsəd qoydu. Napoleon çox tələsirdi: bu tapşırıqları qısa müddətdə – yaza qədər yerinə yetirmək lazımdı, çünki yazda müharibə yenidən başlayacaqdı.
Quldur dəstələri Fransa üçün sosial fəlakətə çevrilmişdi. Onlar günün günorta çağı dilicanları[28 - Dilican – dördtəkərli poçt və ya minik arabası] və karetləri saxlayır, çox vaxt soyğunçuluqla kifayətlənmir, qarət etdikləri insanları öldürürdülər. Bəzən kəndlərə, şəhərlərə hücum etməkdən belə çəkinmirdilər. Bu quldur dəstələri guya devrilmiş kralın qisasını alırdılar.
Birinci konsul hər şeydən əvvəl onların axırına çıxmağa qərar verdi. Görülən tədbirlər amansızdı. Həbs etməmək, ələ keçən quldurları yerindəcə öldürmək, onlara sığınacaq verənləri də edama yollamaq – göstəriş belə idi.
Fransanı quldurlardan təmizləyən Bonapartın diqqəti bir yandan da Vandeyaya yönəlmişdi. Orada zadəganlar və ruhanilər kəndlilərin bir qismini yoldan çıxara bilmişdilər. Onları ingilislərin gətirdikləri yaxşı silahlarla təchiz etmişdilər. İndi həmin kəndlilər meşələrdə, bataqlıqlarda gizlənərək hakmiyyətə qarşı partizan müharibəsi aparırdılar.
Bonapart bu zadəgan və ruhanilərə qarşı başqa taktika yürütdü: bir yandan onlara qarşı döyüşən ordunu gücləndirdi, digər tərəfdən də dərhal təslim olanları bağışlayacağını vəd etdi. Bütün bunlar, üstəlik, kilsəyə qarşı siyasətin yumşaldılması partizanların döyüş qabiliyyətini zəiflətdi.
Digər təxirəsalınmaz işlər də vardı. Yazda baş verəcək döyüşlərə hazırlaşan çoxsaylı ordunu yedizdirmək, geyindirmək, silahla təhciz etmək lazımdı, xəzinədə isə pul yoxdu. Napoleon bu məsələni yoluna qoya biləcək yaxşı mütəxəssisə ehtiyac duyurdu. Nəhayət, belə bir adam tapıldı: Qoden adlı həmin şəxs maliyyə naziri təyin edildi.
Martın ortalarında Bonapart Ədliyyə Nazirliyinin yaradılması ilə bağlı daha bir qanun imzaladı. Söhbət siyasi rəqiblərinin məhv edilməsindən gedəndə o, məhkəmə hakimiyyətinin müstəqilliyinə əhəmiyyət vermirdi. Lakin siyasətə dəxli olmayan məsələlərdə qanunların əsas götürülməsini tələb edirdi. Napoleon təyinat üçün yanına gələn hakimlərə deyirdi: “Ədalət axtarmaq üçün yanınıza gələn adamın hansı partiyanın üzvü olduğuna fikir verməyin”.
Bonapart polis qüvvələrini qəsdən parçalamışdı ki, yalnız vətəndaşları nəzarətdə saxlamasınlar, həm də bir-birlərini güdsünlər. Polis nazirliyinin başında isə diribaş hiyləgər provokator, xəfiyyə Fuşe dururdu. Bonapart hesab edirdi ki, Fuşe nəinki onu, lazım gəlsə atasını belə pul müqabilində satmağa hazırdır. Bu səbəbdən birinci konsul etibar etdiyi xəfiyyələrə Fuşenin özünü də izləməyi tapşırmışdı. Fuşe bundan xəbər tutub onları satın ala biləcəyi təqdirdə həmin xəfiyyələri də başqaları təqib edəcəkdi.
Beləliklə, Bonapart 1800-cü ilin yazına qədər bütün təxirəsalınmaz işlərin öhdəsindən gəldi: yeni dövlət mexanizmi yaratdı, quldur dəstələrinin çoxunu zərərsizləşdirdi, Vandeyada vəziyyəti yüngülləşdirmək üçün bəzi tədbirlər gördü, ölkə bir mərkəzdən idarə olunmağa başladı, dövlət qurumlarındakı rüşvət və mənimsəmə hallarının qarşısı alındı. Fuşenin rəhbərlik etdiyi polis şəbəkəsi bütün ölkəni bürüdü.
1800-cü ilin apreli idi, Napoleonun müharibəyə yollanmasına hələ bir ay qalmışdı. Polis naziri Parisdə ingilis-monarxiyaçı casus şəbəkəsinin fəaliyyət göstərdiyinə dair sübutları Napoleona təqdim etdi. Belə məlum olurdu ki, həmin şəbəkə inqilab zamanı edam edilən XVI Lüdovikin mühacirətdə olan doğma qardaşları ilə birbaşa əlaqədədir. Monarxiyaçılar ingilislərin və başqa müdaxiləçilərin köməyilə hakimiyyəti yıxmağı qarşılarına məqsəd qoymuşdular. İngilislər Fransada monarxiyanın bərpasını istəyirdilər – bunu Bonapart hələ 1800-cü ilin yanvarından bilirdi. Həmin vaxt Napoleonun sülh danışıqlarına başlamaq təklifinə İngiltərə kralı III Georq açıq-aşkar bu cür cavab vermişdi: “Öncə Fransa taxt-tacı Burbonlara qaytarılsın!”
Birinci konsul bir daha əmin oldu ki, daxili mübarizədə ən əsas vəzifə satqın monarxiyaçılara amansız divan tutmaq, xarici mübarizədə isə İngiltərə ilə müharibəyə başlamaqdır.
Fəal monarxiyaçılarla mübarizə aparmaq üçün Fuşeyə müvafiq əmrlər verildi. Napoleon bir sözü tez-tez təkrarlayırdı: “Adamları idarə etmək üçün iki vasitə var – qorxu və şəxsi maraq”. Bu da yola gəlməyənlərə qarşı terrora əl atmaq, sözə baxanlara isə pul və vəzifə vəd etmək deməkdi.
İngiltərə ilə müharibəyə gəlincə, bu savaş qüdrətli Britaniya donanmasının meydan suladığı ingilis sahillərində deyil, Avropa qitəsində aparılmalıydı. Napoleonun hədəfində isə İngiltərənin müttəfiqləri, ilk növbədə də Avstriya imperiyası vardı.
1800-cü il mayın 8-də Parisi tərk edib hakimiyyətə gəldikdən sonra ilk dəfə müharibəyə yollanan Bonapart bir şeyi çox yaxşı bilirdi: onun Fransa üzərindəki diktaturasının sonrakı taleyi bu savaşın nəticəsindən asılıdır! Ya İtaliyanın şimalını avstriyalılardan geri alacaqdı, ya da xarici müdaxiləçilərin koalisiyası yenidən Fransanın sərhədlərində peyda olacaqdı.

Marenqo döyüşü
Napoleon, adətən, aparacağı hərbi əməliyyatın dəqiq planını əvvəlcədən hazırlamırdı. O yalnız konkret məqsədləri, atacağı addımların ardıcıllığını, irəliləyəcəyi yolu qabaqcadan müəyyənləşdirirdi. Hərbi detallar isə yürüşün gedişatından asılı olaraq ortaya çıxırdı.
Bonapartın qarşısında şimali İtaliyanı ələ keçirmiş güclü Avstriya ordusu dururdu. Bir il əvvəl Suvorovun qoşunu fransızları oradan sıxışdırıb çıxarmışdı. Lakin indi məşhur rus sərkərdəsi avstriyalılarla birlikdə deyildi. Napoleon üçün bu çox şey demək idi. “Şirin başçılıq etdiyi qoyunlar ordusu, qoyunun başçılıq etdiyi şirlər ordusundan güclüdür”, – sonralar Napoleon belə deyirdi.
Bonapart Rusiyanın artıq koalisiyada olmadığını bilirdi, ancaq o öz ordusu ilə İtaliyaya getdiyi vaxt Suvorovun da Peterbruqda torpağa tapşırıldığından yəqin ki, xəbərsizdi. Bir sözlə, Napoleonun qarşısında indi rus sərkərdəsi yox, general Melas dayanmışdı.
Avstriyalılar şimali İtaliyanın cənubunda, Genuya istiqamətində cəmləşmişdilər. Melas Bonapartın ən çətin yolla, Sen-Bernar aşırımından keçərək gələcəyini mümkün saymadığından həmin istiqaməti gücləndirməmişdi. Birinci konsul isə məhz bu yolu seçdi. Qarlı zirvələr, şiddətli sazaq, göz qaraldan uçurumlar, qar uçqunları, çovğun – Bonapartın əsgərləri bütün bu sınaqlardan mətanətlə keçdilər.
İrəlidə öz dəstəsi ilə general Jan Lann, onun arxasınca isə Bonapartın ordusu sıldırımlı qayaların arası ilə düzülərək gedirdi.
Bonapart əsas qüvvələrlə Sen-Bernara çatanda artıq ön dəstə avstriyalılarla toqquşub onları öz mövqelərindən vurub çıxarmışdı. Napoleonun qoşunu mayın axırlarında gözlənilmədən Alp dağlarını enib Avstriya ordusunun arxasına keçdi. Bonapart vaxt itirmədən birbaşa Milana yürüş etdi və 1800-cü il iyunun 2-də Lambardiyanın paytaxtına daxil oldu. Sonra bir-birinin ardınca Pavia, Kremena, Pyaçenza, Breşiya və başqa şəhərləri, kəndləri ələ keçirdi. Melasın qoşunları həmin vaxt Genuyanın mühasirəsi ilə məşğuldu. Ancaq Bonapartın Lambardiyaya gəlişi avstriyalıların Genuyadakı uğurunu heçə çıxardı.
Melas şimaldan qəfil tökülüşüb gələn fransızların üstünə getməyə tələsdi.
Aleksandriya şəhəri ilə Tortona arasında böyük bir düzənlik, həmin düzənliyin ortasında isə Marenqo kəndi yerləşirdi. Hələ 1800-cü ilin qış mövsümünün əvvəlində Bonapart öz sarayında şimali İtaliyanın xəritəsinə baxarkən barmağını məhz həmin kəndin üstünə qoyaraq generallara demişdi: “Biz avstriyalıları burada məğlub etməliyik”.
Elə də oldu. Rəqiblərin əsas qüvvələri 1800-cü il 14 iyunda məhz burada qarşılaşdılar.
Bir az irəli gedib deyək ki, həmin döyüş dünya siyasətində və Napoleonun şəxsi karyerasında böyük rol oynadı.
Savaşdan öncə Parisdə, eləcə də bütün Fransada narahatlıq hökm sürürdü. Monarxiyaçılar Bonapartın Alp dağlarının uçurumlarında öləcəyini gözləyirdilər. Artıq ingilislərin Vandeyaya çıxacaqları, Burbonların hakimiyyətə qayıdacaqları haqqında şayiələr dolaşmağa başlamışdı. Hətta Avropada öz neytrallıqlarını saxlayan ölkələr də hadisələrin necə inkişaf edəcəyini diqqətlə izləyirdilər. Avstriyanın qalib gələcəyi təqdirdə onlar da Fransa əleyhinə koalisiyaya qoşulacaqdılar. Burbonlar isə Parisə qayıtmağa hazırlaşırdılar.
Napoleon və generalları məğlubiyyətin mümkünlüyünü göz önündə tuturdular: avstriyalılar bu dəfə lap çox idilər. Bundan başqa, fransız ordusu Sen-Bernar aşırımından min bir çətinliklə keçdiyi vaxt, avstriyalılar İtaliya şəhər və kəndlərində qalıb yaxşıca dincəlmişdilər. Bonapartın 20 min qoşunu vardı, topların çox hissəsi avstriyalıların yaratdığı maneələr ucbatından hələ döyüş yerinə çatdırılmamışdı. Melasın isə 30 min əsgəri, 100 ədəd topu vardı.
İyunun 14-də, səhər Marenqo yaxınlığında başlayan döyüşdə avstriyalıların sayca çox olması elə ilk saatlarda özünü göstərdi: fransızlar düşmənə ağır zərbələr vuraraq geri çəkildilər, ancaq özləri də ağır itki verdilər.
Günortaya yaxın belə bir təsəvvür yarandı ki, fransızlar artıq döyüşü uduzublar. Buna sevinən Melas dərhal Vyanaya Avstriyanın qələbəsi, məğlubedilməz Bonapartın isə darmadağın edilməsi barədə xəbər göndərdi. Fransızların döyüş qərargahına gəlincə, burada çaşqınlıq hökm sürürdü. Yalnız Bonapart öz sakitliyini qoruyub saxlayır, döyüşün hələ qurtarmadığını deyirdi. Və doğrudan da, birdən-birə vəziyyət dəyişdi: Genuyadan geri çəkilən düşmənin yolunu kəsmək üçün göndərilən general Lui Şarl Antuan Dezenin diviziyası özünü yetirdi.
Həmin vaxt avstriyalılar öz qələbələrinə o qədər əmin idilər ki, oturub dincəlir, nahar eləyirdilər. Qəfil hücuma keçən general Dezenin diviziyası və Bonapartın qoşunları Avstriya ordusunu darmadağın etdi. Artıq axşam saat beşdə avstriyalılar döyüş meydanından qaçmağa, fransız süvariləri isə onları təqib etməyə başlamışdılar.
Deze elə hücuma keçdikdən bir az sonra həlak oldu. Döyüşdən sonra isə Bonapart göz yaşları içində dedi: “Əgər indi Dezeni qucaqlaya bilsəydim, bu, çox gözəl gün olardı!” Hələ bir-iki saat əvvəl, döyüşün qızğın çağında ona Dezenin vurularaq atdan düşdüyü xəbərini çatdıranda isə demişdi: “Axı niyə mənə ağlamaq olmaz?”
Döyüş yoldaşları Napoleonun ağladığını vur-tut iki dəfə görmüşdülər: Dezenin ölümünə kədərləndiyi vaxt, bir də hər iki ayağını top mərmisinin qopartdığı marşal Lann onun qolları üstündə can verəndə.
Melasın göndərdiyi ilk şad xəbərdən şənlənən Vyana sarayına ikinci çapar özünü yetirib sonradan hansı fəlakətlə üzləşdiklərini çatdırdı. Avstraliyalılar İtaliyanı yenidən, özü də bu dəfə həmişəlik itirdilər.
İtaliyadakı həlledici döyüş haqqında ilk şayiələr Parisə yalnız altı gün sonra gəlib çatdı. Lakin bu şayiələrə çox da bel bağlamaq olmazdı. Odur ki şəhərdə dəqiq xəbəri böyük həyəcanla gözləyirdilər. Hətta fransızların döyüşü uduzduqları, Bonapartın isə öldürüldüyü barədə dedi-qodu da yayılmışdı. Gündüz saat birdə qəfildən toplar yaylım atəşi açmağa başladı: Avstriya ordusu darmadağın edilib, İtaliya yenə Bonapartın əlindədir.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289403) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Korsika – Aralıq dənizinin şimal hissəsində yerləşən ada. Vaxtilə romalılar tərəfindən işğal olunan Korsika orta əsrlərdən Genuya hökmranlığına tabe olmuşdu. XVIII əsrin sonlarından etibarən Fransa ərazisi hesab edilir.

2
Otön – Fransanın Burqundiya bölgəsində ərazi vahidi

3
Podporuçik – ordu və donanmanın kiçik zabit heyətində rütbə və belə rütbəsi olan şəxs, kiçik leytenant

4
Belletristika – bədii nəsr, bəzən ideya-bədii cəhətən zəif əsərləri də belə adlandırırlar.

5
Ballistika – mərminin silahın lüləsi içərisində və oradan çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm sahəsi

6
Poruçik – ordu və donanmanın zabit heyətində podporuçikdən yüksək kapitandan aşağı rütbə və belə rütbəsi olan şəxs, leytenant

7
Tüiliri sarayı – Parisdə, Sena çayının sağ sahilində yerləşən saray. 1871-ci ilədək bir çox Fransa monarxlarının əsas iqamətgahı olub.

8
Batareya – bir neçə top və minaatandan ibarət taktik vahid

9
Konvent – Böyük Fransa inqilabı dövründə qanunverici orqan

10
Termidor çevrilişi –1794-cü ilin 27 iyulunda baş vermiş dövlət çevrilişi

11
Yakobinlər – Fransanın inqilab tarixində mövcud olmuş siyasi cərəyan. Yakobinlərin hakimiyyəti dövründə (1793-1794-cü illər) bir sıra radikal islahatlar və kütləvi terror həyata keçirilib.

12
Barras – Böyük fransız inqilabı liderlərindən biri olan Pol Fransua Jan Nİkolya vikont de Barras

13
Burbonlar –  1589-1792 və 1814-1848-ci illərdə Fransa taxt-tacının sahibi olmuş hakimiyyətdəki sülalə

14
İki Siciliya Krallığı – İtaliyanin cənubunda Neapol və Siciliya krallıqlarının birləşməsi nəticəsində yaranmış dövlət

15
Direktoriya – 1795-ci il noyabrın 4-dən 1799-cu il noyabrın 10-dək Fransada icra hakimiyyəti funksiyasını həyata keçirmiş hökumət

16
Qrenadyor – XVII-XX əsrlərdə Avropa ordularında piyada qoşun növünün döyüşçüsü, qumbara atan əsgər

17
İoahim Murat – Napoleon ordusunda marşal rütbəsinə qədər yüksəlmişdi. 1808-1815-ci illərdə Neapol kralı olub. Napoleonun bacısı Karolina Bonapartla evlənib.

18
Draqun – bəzi Avropa dövlətlərində yaxşı təlim keçmiş həm süvari, həm də piyada döyüşçü dəstəsinin üzvləri

19
Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu

20
Eşafot – edam kürsüsü

21
Leybnits – alman filosof və riyaziyyatçısı Qotfrid Leybnist (1646-1716)

22
Fransız siyasətçisi və diplomatı Şarl Moris de Taleyran-Periqor (1754-1838)

23
Eskadra – eyni və ya müxtəlif növ hərbi gəmilərin böyük birləşməsi

24
Cəbəlütariq – Atlantik okeanı ilə Aralıq dənizi arasında boğaz, su keçidi

25
Konstantinopol – İstanbul

26
Fransız siyasətçisi və dövlət xadimi Jozef Fuşe (1759-1820)

27
Tribunat – 1799-cu il konstitusiyasına görə Fransadakı dörd idarəetmə orqanından birinin başçısı

28
Dilican – dördtəkərli poçt və ya minik arabası
Napoleon Евгений Тарле

Евгений Тарле

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Napoleon, электронная книга автора Евгений Тарле на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв