Hekayələr
İsi Məlikzadə
Hekayə ustaları
İsi Məlikzadənin bu kitabda toplanan hekayələr yalnız maraqlı süjetləri və qəhrəmanları ilə diqqəti cəlb eləmir, eyni zamanda dilimizin şirinliyini, zənginliyini əks etdirir.
İsi Məlikzadə
Seçmə hekayələr
Qatarda
Dostum Həsənağa Turabova ithaf
Gecə qatarla yol getməkdən Sabitin zəndələnzəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada tək-tənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü bəsdi, o biri lərini də duyuq salacaqdı: “Əyə, sən öləsən, Sabit Mirzədi bu. Artist… Kinoda oynayır haa…” Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretini arın-arxayın çəksin, yan-yörəyə gözləri dolusu baxsın…
Qatar vaxtında gəldi. Sabit vaqona qalxa-qalxa arxaya baxdı; ondan savayı bu vaqona minən yox idi. Qapının ağzında dayanan vaqon bələdçisi Sabitə çox zəndlə diqqət yetirirdi, deyəsən, tanımışdı onu. Sabitin kişi bələdçilərdən xoşu gəlmirdi – kişi parovoz sürər, təyyarə sürər, deyirdi, day kupelərdə döşəkağı paylamaz. Başını aşağı salıb bələdçinin yanından ötmək istədi, ancaq bələdçi onun sağ əlini qamarlayıb köhnə tanışlar kimi.
– Sabit müəllim, xoş gördük, – dedi. – Siz hara, bura hara?
Sabit dodaqlarının altında nəsə mızıldadı, ancaqbu mızıltıdan nə özü bir şey anladı, nə də bələdçi.
Bələdçi ortayaşlı, dolubədənli, qarabığ, qarabəniz bir kişi idi. Bu qəfil görüşün sevincindən dəyirmi, qırmızımtıl gözləri tamburun zəif işığında par-par parıldayırdı. Sabitin əlini bir az da bərk sıxdı.
– Heç ağlıma da gəlməzdi ki, burda rastlaşarıq, – dedi. – Gör haa… gör ha… işə bir bax…
Sabit dayanıb gözləyirdi ki, bələdçi onun əlini buraxsın, amma bələdçi, deyəsən, ondan qopmaq fikrində deyildi, Sabitin üzünə elə məhəbbətlə baxırdı ki, deyirdin bəs uzun illər həsrətini çəkdiyi əziz dostunu indicə bu balaca stansiyada tapıb.
Sabit razılıqla başını yellədi, bu görüşdən özünün də məmnun olduğunu bildirməkçün gülümsədi və əlini bələdçinin iri ovcundan yarıxoş, yarızor çıxarıb içəri keçdi. Deyəsən, vaqonda seyrək lik idi; səs-küy eşidilmirdi. Sabitin kupesində arıq bir kişi vardı. Əynindəki tor maykanın yaxası sallanıb sinəsindən aşağı düşmüşdü, elə bil balaca uşağa canlı-cəsədli adamın maykasını geyindirmişdilər.
Sabit bir ayağı çöldə, bir ayağı kupedə:
– Axşamınız xeyir, – dedi və kişinin hülqumlu, nazik boğazına baxa-baxa fikirləşdi: “Görəsən, xoruldamır ki bu?”
Kişi tor maykasının az qala dirsəyinəcən sürüşmüş bir çiynini yuxarı dartıb:
– Aqibətiniz xeyir, – dedi.
İçəridə təndir havası vardı, tərs kimi kupenin pəncərəsi də bağlı idi. Sabit yaxınlaşıb əlini qoşa laylı pəncərənin dəstəyinə atanda kişi sakitcə dedi:
– Zəhmət çəkməyin, fələyin bağladığı qapı kimi bir şeydi bu; iki saatdı əlləşirəm, aça bilmirəm. Bizim poyezdləri həmişə belə görmüşəm: pəncərə ləri yayda mıxlı olar, qışda sınıq-salxaq. – Kişi başını buladı və maykasının çiyni yenə dirsəyinəcən sürüşdü. – Lüt soyunmaqdan başqa çarə yoxdu, – dedi.
Sabit kupedən çıxdı. Siqaret yandırdı, ancaq birinci qullabdan sonra hiss elədi ki, ürəyi siqaret istəmir; qatarı gözləyəndə bu zəqqutun tüstüsündən çox udmuşdu.
Qatar taqqaturuqla, yüyəni buraxılmış at kimi yorğa-yorğa gedirdi. Sabit də kip bağlanmış qoşa laylı pəncərədən qaranlıq çölə baxırdı: pəncərədən düşən ağ işıq zolağı qatarın böyrüncə yeri yalaya-yalaya qaçırdı. İşıq zolağından o yana heç nə görünmürdü, deyəsən. Düzü-biyabanlıq idi bura lar. Sabit düzənlik zənn elədiyi o qaranlığa çox baxa bilmədi – bələdçi yanladı onu. Bələdçinin bir əlində qalın stəkan vardı, bir əlində butulka.
– Mineralnı sudu, – dedi, – ürəyiniz yananda içərsiniz.
Bələdçi butulka-stəkanı kupeyə qoyub, maykalı kişiyə dedi:
– Bilirsən yoldaşın kimdi?.. Sabit Mirzə!.. Artist!
Maykalı kişi oturduğu yerdəcə boynunu uzadıb kupenin qapısından dəhlizə tərəf baxdı və sözlərini pəncərənin qabağında dayanmış Sabit Mirzəyə çatdırmaq üçün səsini qaldırdı:
– Deyirəm, axı, mən bunu kimə oxşadıram! Bayaqdan oturub fikirləşirəm ki, əşi bu adamı harda görmüşəm?! – Kişi qalxdı, kupenin üst taxtına tulladığı köynəyini tələm-tələsik əyninə keçirtdi. – Bunu televizorda çox görmüşəm, – dedi.
Bələdçi də sözlərini Sabit Mirzəyə çatdırmaq üçün səsini qaldırdı:
– Mən ölüm, bir nömrəli artistimizdi! Allah canını sağ eləsin! – Sonra kupedən çıxıb, Sabit Mirzənin böyründə dayandı. – Nə lazım olsa, mən hazır! – dedi.
– Çox sağ olun, heç nə lazım deyil. Təkcə… bu pəncərəni açmaq mümkün olsaydı… içəridə nəfəs almaq olmur…
Bələdçi bir əlini sinəsinə qoyub:
– Acizəm, – dedi. – Mənlik iş döyül bu. Onu elə bağlamayıblar ki, bir də açılsın. Beş-altı yerdən mıxlayıblar.
Bələdçi getdi. Sabit Mirzə təzədən üzünü pəncərəyə çevirmək istədi, ancaq çevirə bilmədi: ucaboylu bir kişi qonşu kupenin qapısı ağzında dayanıb adamı deşib keçən bir nəzərlə ona baxırdı. Elə baxırdı, elə bil Sabit Mirzənin iç-içalatını görmək istəyirdi. Sabit bu baxışdan özünü itirdi, az qaldı kişiyə salam versin. Fikirləşdi ki, ucaboylu bu adam beləcə zəndlə baxacaq və birdən gülümsəyəcək. Amma ucaboylu adam gülümsəmədi, gözlərini Sabit Mirzənin gözlərinə zilləyib, iki barmağının arasında tutduğu siqareti dodaqlarına apardı.
– Yandırmaq olar? – dedi və razılıq gözləmədən yaxınlaşıb siqaretini Sabit Mirzənin siqaretinin oduna yandırdı, təzədən gözlərini Sabit Mirzənin gözlərinə zillədi. – Prokuror rolunu oynamağın xoşuma gəlmir, – dedi. – Pis oynayırsan…
Tanımadığı adamdan belə qəfil tənbeh gözləmədiyi üçün Sabit Mirzə bilmədi nə cavab versin. İki il idi ki, o əsəri repertuardan çıxartmışdılar. Sabit Mirzə yanıb qurtarmaqda olan siqaretini pəncərənin altına vurulmuş dəmir külqabıya basıb əzdi.
– Day prokuror rolu oynamıram, – dedi.
Ucaboylu adam dodaqlarını dəyirmilədib tüstünü tavana üfürdü.
– Lap yaxşı eləyirsən, – dedi. – Yalandan oynamaq-dansa, oynamamaq məsləhətdi.
Bu adamın yekəxana danışığı xoşuna gəlməsə də, Sabit Mirzə acığını boğdu; tamaşaçı fikrinə qulaq asmağın nə ziyanı var? Bəlkə, ağıllı bir söz deyəcək, ağıllı bir məsləhət verəcək?
– Mənim prokurorum niyə sizin xoşunuza gəlmir? – dedi.
Ucaboy adam dəhlizin o biri başına nəzər saldı. O tərəfdə saçları az qala çiyninə tökülmüş bir oğlan dayanmışdı. Ucaboy adam həmin uzunsaç oğlana baxa-baxa dedi:
– Sən səhnədə prokurordan çox xeyirxah bir müəlliməoxşayırsan. Prokurorlar sənin oynadığın kimi olmurlar. Prokurorlar elə danışmırlar. – Göz lərini uzunsaç oğlandan çəkdi. – Nəyi də bilməsəm, o sahəyə bələdəm, – dedi və bayaqdan bəri ilk dəfə üzündə təbəssümə oxşar bir ifadə dolandı.
Sabit Mirzə onun yuxarıdan iki düyməsi açıq olan ağappaq köynəyinə baxdı: “Yəqin hansı rayonunsa prokurorudu bu…”.
Ucaboy adam səsinin ahəngini yumşaldıb mərhəmətcəsinə soruşdu:
– Nə əcəb güzarın bu yerlərə düşüb?
Sabit Mirzə onun səsinin ahəngini dəyişməyindən çox, mövzunu dəyişməyindən xoşhallanıb cavab verdi:
– Qastroldaydım. Truppamız qaldı. Mən sabah Bakıda olmalıyam, təzə filmə çəkilirəm… Deyəsən, yorğun-ağrın çatacam Bakıya; bu kupedə uzanmaq, dincəlmək mümkün deyil, pəncərəsi açılmır, içəri yaman istidi.
Ucaboy adam üzünü dəhlizin o başındakı uzunsaç oğlana tutub çağırdı:
– Ay oğlan! Ay bala!
Oğlan dönüb baxdı; çox da cavan deyildi. Ucaboy adam bərkdən dedi:
– Get o bələdçini qulaqla, bura gətir!
Uzunsaç oğlan tərəddüd içində baxa-baxa qaldı; getsin, getməsin? Görəsən, belə hökmlə danışan, onu uşaq kimi buyuran bu adam kimdi?
Ucaboy adam səsinə bir az acıq da qatdı.
– Denən, yoldaş Dadaşov çağırır!
“Yoldaş Dadaşov” sözü, deyəsən, oğlanın tərəddüdünə son qoydu: oğlan getdi bələdçini axtarmağa.
Ucaboy adam siqaretini qapaqlı dəmir külqabıya atdı.
– Düzələr, – dedi.
Bələdçi tələsik addımlarla gəlib ucaboy adamın qabağında dayandı.
– Eşidirəm, yoldaş Dadaşov!
Dadaşov sakit, ancaq hökmlə dedi:
– Bu kişinin kupesindəki pəncərə açılmadı… Beş dəqiqə vaxt verirəm sənə…
Bələdçi, Sabit Mirzəyə baxıb, üzrxahlıq eləyirmiş kimi dedi:
– Beş dəqiqəyə aça bilmərəm, vallah.
Dadaşov:
– Olsun on dəqiqə! –dedi və öz kupesinə girdi.
Sabit Mirzənin daha şübhə yeri qalmadı: “Bu, kimdirsə, hər yerdə sözü keçən adamdı”. Donuxub qalmış bələdçidən soruşdu:
– Bu yoldaş kimdi?
Bələdçi çiynini çəkib yavaşca cavab verdi:
– Nəçi olduğunu bilmirəm, amma… balaca adama oxşamır.
Bələdçi necə tələsik gəlmişdisə, eləcə də getdi.
Dadaşov kupedən çıxıb, Sabit Mirzəyə “Kent” qutusu uzatdı.
– Bayaq gördüm “Avrora” çəkirsən. Sənə yaraşan siqaret deyil. Bunnan çək.
Dadaşovun əlindəki “Kent” qutusuna baxa-baxa Sabit Mirzə başını buladı.
– “Avrora”ya öyrəşmişəm, – dedi. – Sağ olun.
– Mən çəkən deyiləm, hərdən, kefim duranda fısqırdıram. Cana da ziyandı, cibə də… – Üzünü öz kupesinə tərəf tutub çağırdı: – Fətulla!
Kupenin qapısında qırmızısifət, gödək bir kişi göründü. Dadaşov “Kent” qutusunu ona uzatdı.
– Bunu qoy yerinə.
Kişi siqaret qutusunu alıb kupeyə girdi. Sabit Mirzə utandığından gözlərini döşəməyə zillədi. Kimdən utandığını özü də bilmirdi: qırmızısifət kişidənmi, Dadaşovdanmı, özündənmi? “Bu Dadaşov, deyəsən, çox ədəbsiz adamdı”.
Sabit Mirzə başını qaldırıb Dadaşovun üzünə məzəmmətlə baxdı. Dadaşov gülümsəyirdi.
Bələdçi çəkic, kəlbətin gətirib Sabit Mirzənin kupesində taqqaturuq salmışdı və Sabit Mirzəyə elə gəlirdi ki, Dadaşov o taqqaturuqdan zövq aldığı üçün, özünün gücünə, hökmünə bir daha inandığı üçün gülümsəyir. Ancaq Sabit Mirzə onun iri gözlərində adamın ürəyini hərarətlə, sevinclə dolduran bir işıq gördü, ağımtıl üzündə nurlu, mülayim bir təbəssüm gördü və indicə Dadaşov barədə pis fikrə düşməyinə peşman oldu.
Dadaşov təbəssümü qədər ilıq, mülayim olan səslə dedi:
– Saçın tez tökülüb. Heyf… Yaşda mənnən kiçik olarsan.
Dadaşovun səsində elə canıyananlıq, elə mərhəmətlilik vardı ki, Sabit Mirzə onu cavabsız qoya bilmədi.
– Qırx yaşın içindəyəm, – dedi.
– Mənnən yeddi yaş balacasan. Özü də səhnədə çox boylu-buxunlu görünürsən, amma sən demə, o qədər də ucaboy deyilsənmiş.
Sabit Mirzə özünü alçaqboy hesab eləmirdi, ancaq indi baxıb gördü ki, başı Dadaşovun çənəsi bərabərindədir. Birdən ağlına gəldi ki, Dadaşov boynunun ucalığı ilə öyünür, qürrələnir. Elə bil zənnində yanılıb-yanılmadığını dürüstləşdirmək üçün diqqətlə Dadaşovun üzünə baxdı. Dadaşovun sıx, dalğalı saçı sə liqəylə arxaya daranmışdı. Gicgahlarına dən düşmüşdü. Gözləri də iri idi, burnu da. Qapqara qaş larının tükü uzun idi, buruq-buruq idi. Qalın, dördbucaq bığı vardı.
Bələdçi qan-tər içində kupedən çıxıb çəkic-kəlbə tini Dadaşova göstərə-göstərə dedi:
– Düzəldi… Başqa nə qulluğunuz var?
Dadaşovun üz-gözündən bayaqkı ilıq təbəssümdən əsər-əlamət qalmadı. Bircə saniyənin içində sifətinin ifadəsi dəyişdi, ciddiləşdi.
– Qulluğum olanda çağıtdıraram səni, – dedi.
Bələdçi boyun-boğazının tərini silə-silə getdi.
Qırmızısifət kişi başını kupedən çıxarıb:
– Yoldaş Dadaşov, – dedi, – yatmaq istəyirsinizsə, yorğan-döşəyinizi salım.
– Salmağına sal, ancaq hələ yatmıram. – Dadaşov başının işarəsiylə uzunsaç oğlanı göstərib: – Qoy uşaq-muşaq indidən yatsın, – dedi.
Uzunsaç oğlan əvvəlki yerində – pəncərənin qabağında dayanıb siqaret çəkirdi. Üzünü çölə tutsa da, bir gözünün ucu ilə Dadaşova baxırdı. Elə bil qulaqları səsdə idi, bu dəqiqə Dadaşovun çağıracağını, təzə buyruq verəcəyini gözləyirdi.
Sabit Mirzə:
– Bir az dincəlim. Yorğunam… – dedi və kupeyə girib arıq kişiylə üzbəüz oturdu.
Kişi dedi:
– Çox sağ olun. Siz olmasaydınız, pəncərə qışacan bağlı qalacaqdı.
İçəriyə gurhagurla ilıq meh dolurdu, meh pəncərənin sarımtıl pərdələrini şaphaşapla yellədirdi. Kupe daha əvvəlki kimi bürkü-boğanaq deyildi.
Sabit Mirzə kürəyini arakəsməyə söykəyib:
– Dadaşova təşəkkür eləyin, pəncərəni o açdırıb, – dedi və kişinin key-key baxmağından anladı ki, o, Dadaşovun varlığından, kimliyindən bixəbərdir. Sabit Mirzə üzbəüz arakəsməyə işarə eləyəndən sonra arıq kişiyə agah oldu ki, “Dadaşov” deyilən şəxs qonşu kupedədir və şübhəsiz, bu Dadaşov bir sözü iki olan adamlardan deyil.
Arıq kişi gözlərini Sabit Mirzənin üzünə zillədi:
– Yaxşı ki, səni üzbəsurət gördüm, – dedi. – Sən televizora çıxanda bütün külfət yığışır televizorun başına. Səni hamımız çox istəyirik.
Bu sözlərin müqabilində Sabit Mirzə nəsə deməli idi.
– Təşəkkür eləyirəm, – dedi.
Elə bu dəm Dadaşov içəri girdi. Arıq kişi əvvəlcə yerindən tərpənmək istəmədi, sonra ürəyinə damdı ki, bu ucaboy adam elə Dadaşov özüdür ki var. Kişi qapıya tərəf sürüşüb, yerini Dadaşova verdi.
Dadaşov, Sabit Mirzəylə qabaq-qənşər oturub, dalğalı saçını barmaqlarıyla daraqlaya-daraqlaya arıq kişidən soruşdu:
– Adın nədi, əşi?
Kişi:
– Adım Qasımdı, – dedi.
– Yatanda səsin çıxmır ki?
Kişi başa düşmədi.
– Nə buyurdunuz? – dedi.
– Deyirəm, yatanda xoruldamırsan ki?
Kişi Sabit Mirzənin üzünə baxıb, günahını boynuna alan adam kimi dedi:
– Deyilənə görə, hərdən xoruldayıram… yorğun olanda…
Dadaşov nəzərlərini kişinin hülqumlu, nazik boğazına dikdi.
– Yorğun niyə olursan? Daş-zad daşımırsan ha.
Kişi utancaq uşaq təkin gülümsədi.
– Elə daş daşıyıram, – dedi, – sement daşıyıram, qum daşıyıram… tikintidə işləyirəm… Samosval[1 - Samosval– özüboşaldan yük maşını] sürürəm… Gedirəm Bakıdan təzə samosval gətirməyə.
Dadaşov başını buladı:
– Bu can-cəsədnən samosvala necə gücün çatır? Səni samosval bu kökə salıb, ay yazıq. Səhər-səhər bal ye, qaymaq ye, nehrə yağı ye. Skeletə oxşayırsan lap.
Kişi qaşqabağını salladıb susdu, amma Dadaşov əl çəkmədi ondan.
– Əşi, xoruldayacaqsansa, səni keçirdək ayrı kupeyə, – dedi. – Sabit müəllimi narahat eləyərsən burda.
Kişi pərt-pərt, güclə eşidiləcək bir səslə:
– Narahat eləmərəm, – dedi. – Nəyimiz olmasa da, qanacağımız var.
Sabit Mirzə başa düşürdü ki, Dadaşov bu arıq kişini ələ salır. Başa düşürdü, ancaq dilini tərpədib onu yerində otuzdura bilmirdi. Elə bil Dadaşovun qəlbinə dəyməkdən ehtiyat eləyirdi. Bu acizliyinə görə Sabit Mirzə öz-özündən utandı və mənasız sorğu-suala son qoymaq üçün söhbəti dəyişdi.
– Bakıya saat neçədə çatacağıq? – dedi.
Onun sualına cavab verən olmadı.
Qasım kişi fikrə getmişdi, Dadaşov isə buruq-buruq qaşlarını çatıb dəhlizdən gələn səsə qulaq asırdı.
– Nar! Nar! Gülöyşə nar! Mələs nar!
Cavan bir oğlan həsir zənbili qabağında ikiəlli tutub kupedəkilərə baxdı.
– Nar istəyirsiniz?
Dadaşov barmağının işarəsiylə oğlanın içəri çağırdı. Zənbildən beş iri nar seçdi.
– Üstümdə pul yoxdu, – dedi, – pencəyin cibindədi. Bu narları ver qonşu kupedəki kişiyə, denən, Dadaşov seçib… denən, pulunu versin.
Dadaşov sözlərinin təsirini yoxlayırmış kimi Sabit Mirzəyə baxdı, ancaq Sabit Mirzə onun təkəbbüryağan baxışlarından acıqlanmadı. Bəyənmədiyi tamaşaya maraq ucbatından axıracan baxan tamaşaçı kimi səbrini basdı və zənn elədi ki, bu darısqal kupe balaca bir səhnədir, Dadaşov da bu səhnədə bədahətən oynanılan pyesin baş qəhrəmanıdır. Belə zənn eləməsən, Dadaşovun hoqqalarına dözməkmüşkül məsələdir. Sabit Mirzənin yadına mərhum müəllimi Məmməd Qaya düşdü. Məmməd Qaya vaxtilə ortabab aktyor olmuşdu, ortabab olduğuna inanandan sonra səhnənin daşını atıb, lövbərini salmışdı instituta. Sevdiyi kəlamları vardı ki, dönə-dönə deməkdən yorulmurdu: “Aktyor üçün ən yaxşı məktəb – həyatdır. Gördüyünüz, rastlaşdığınız adamların yanından laqeyd ötməyin, o adamların danışığına, davranışına fikir verin. Hərəsindən bir jest, ştrix götürün! Tip axtarın! Tip doludu, tip hər yanda var, onları görmək hünərdi”. Dadaşovun özündən razı, tox sifətinə baxa-baxa Sabit Mirzə ürəyində dedi: “Qəbrin nurla dolsun, Məmməd Qaya”.
Qırmızısifət kişi qapının ağzında göründü. Əlində bürmələdiyi yaylıqla boynunun tərini silə-silə dedi:
– Narların hamısını götürdüm, yoldaş Dadaşov… zənbilli-zadlı…
Dadaşov əllərini yana açıb, süni təəccüblə:
– Bir zənbil nar nəyimə lazımdı? – dedi. – Mən beşini seçmişdim…
Qırmızısifət kişi yaylığı alnında gəzdirdi.
– Lazımınız olar… uşaqlara, filana… nardı də… Dadaşov ona yer göstərdi. – Gəl otur, Fətulla. Arıq kişi qapıya tərəf bir az da çəkildi. Fətulla cibindən çıxardığı yaylığı ovcunda xışmalaya-xışmalaya keçib əyləşdi. Dadaşov əvvəl elə bildi ki, Fətulla cibindən papiros çıxardır. Başını bulaya-bulaya: – Burda papiros çəkməyi qadağan eləyirəm, – dedi.
– Mən tüstüdə otura bilmirəm. Fətullanın qırmızı sifəti bir az da allandı. Əlindəki yaylığı Dadaşova göstərib gülümsədi. – Anadəngəlmə çəkən deyiləm, – dedi. Bu dəm uzunsaç oğlan kupenin qabağında göründü və öthaötdə başını döndərib içəridəkilərə ani, ürkək bir nəzər saldı. Dadaşov: – Ay oğlan! – dedi. Uzunsaç oğlan qayıdıb qapının ağzında dayandı. Dadaşov onu təpədən dırnağa süzdü. Sözünü deməyə tələsmirdi və Sabit Mirzə ovcunun içi kimi bi lirdi ki, Dadaşov qəsdən susur, bu uzunsaç oğlanı nigaran saxlamaqdan zövq alır. Axır ki, Dadaşov dilləndi: – Bayaqdan səni “oğlan” deyib çağırıram. Adın nədi sənin? Oğlan çiynini qapıya söykədi. – Adım Vəzirdi, –dedi. Dadaşovun qalın dodaqları dartıldı, ağappaq, sapsağlam dişləri göründü. – Hansı padşahın vəzirisən, ə? – dedi. – Dədən bir fər li ad tapmırdı sənə qoymağa? Uzunsaç oğlan göyümtül gözlərini dirəmişdi Dadaşovun ağappaq dişlərinə, amma deyəsən, heç nə görmürdü. Gözlərində çaşqın bir ifadə dolanırdı. Bilmirdi gülümsəsin, yoxsa acıqlansın. Oğlanı elə bil sacdaqo-vurmuşdular: üzünün dərisi qapqara idi. Yarımqol köynək geyinmişdi, köynəyin rənginə düşməyən qalstuk bağlamışdı.
Dadaşov hiss elədi ki, zarafatı oğlanın xoşuna gəlmədi.
– Nə acıqlı baxırsan? – dedi. – Minnətin olsun ki, sənnən zarafat eləyirəm… Tanıyıram səni… Beş barmağım kimi… Prorabsan… Kantorunuz Bakıdadı, amma sənin briqadan rayonda işləyir. Peşə-texniki məktəbini təmir eləyirsiniz. Bilirəm necə təmir eləyirsiniz. Düz demirəm?
Uzunsaç oğlan çiynini qapıdan araladı.
– Məni hardan tanıyırsınız? – dedi.
Dadaşov gileyli səslə cavab verdi:
– Əvvəlcə sən məni tanımalıydın.
Fətulla yaylığını cibindən çıxara-çıxara:
– Cavandı, – dedi, – səhvini düzəldər.
Oğlan ovsunlanmış kimi nəzərlərini Dadaşovdan çəkmirdi. Göyümtül gözlərində daha çaşqınlıq ifadəsi yox idi: nigaran baxırdı və bu nigaran baxışlardan hiss olunurdu ki, oğlanın ürəyində yumşalmağa, mülayimləşməyə meyil, həvəs var. Bunu, deyəsən, Dadaşov da duymuşdu, ona görə də uşaqların qəbahətindən keçməyi bacaran yaşlı adam ədasıyla:
– Vaqon-restoran burdan çox uzaqdı? – dedi.
Oğlan duruxa-duruxa:
– Burdan… ora… üç vaqonluq yoldu, – dedi.
Dadaşov da eynən oğlan təkin duruxa-duruxa:
– Sənə zəhmət, mənə xəcalət. – dedi. – Gedərsən ora… Üç-dörd butulka limonad götürürsən… Denən, Dadaşova lazımdı, sərinindən versinlər.
Oğlan gülümsədi, amma gülümsəməyində güclə seziləcək soyuqluq, qorxaqlıq vardı. Naəlac qalmış adam kimi çiynini çəkdi.
– Baş üstə! – deyib getdi.
Qırx illik ömründə Sabit Mirzə yolları çox ölçmüşdü, təyyarədə, avtobusda çox adamla rastlaşmışdı, ancaq indi yadında qalanları barmaqla saya bilərdi. Elə adam var ki; onunla iki gün yol yoldaşı olursan, yaxud mehmanxanada bir otaqda qalırsan, di gəl ki, xudahafizləşib ayrılandan sonra elə oradaca unudursan onu. Bu görüşdən, olsa-olsa, qəlbində ala-tala yuxu kimi tez dağılan, seyrək bir xatirə qalır. Elə adam da var ki, yarımca saatlıq ünsiyyətdən sonra həmişəlik həkk olur beyninə. Yaxşı, pis cəhətiylə – fərqi yoxdu – istədiyin an, istədiyin dəqiqə apaydınca xatırlaya bilirsən onu; bütün cizgilərlə gəlib durur gözlərinin qabağında. Sabit Mirzə inanırdı ki, vəzifəsiylə qürrə lənən, yekəxana adam görən kimi yadına Dadaşov düşəcək.
Kupedə, deyəsən, Dadaşovdan savayı heç kim danışmaq istəmirdi. Sabit Mirzənin danışmaq həvəsini Dadaşov ilk dəqiqədən öldürmüşdü, həm də Sabit Mirzə əmin idi ki, burdakıların danışığı, söhbəti Dadaşov üçün milçək vızıltısı kimi bir şeydi. Burda əsas söz Dadaşovundu.
Dadaşov küncdə büzüşüb oturmuşdu. Qasım kişini dindirdi.
– Uşaqdan-zaddan nəyin var, əşi? Evin, eşiyin…
Dadaşovun sualında saymazyanalıq vardı, sanki müttəhimi sorğuya çəkirdi. Qasım kişi özünü müttəhim yerinə qoymaq istəmədi, o da saymazyana, bir az da istehzayla cavab verdi:
– Yuvada-zadda yaşamırıq ha. Ev-eşiyim də var, arvad-uşağım da. Kubik daşdan ikimərtəbəli ev tikdirmişəm. Həyətim, bağ-bağçam… Dəmirdən elə darvaza saldırmışam ki, rayonda tayı-bərabəri yoxdu.
Dadaşov soruşdu:
– Uşaqların işləyəni var?
– Xeyr.
– O ev-eşiyi, dəm-dəsgahı samosvalda işləməknən düzəltdirmisən?
Qasım kişi tərs-tərs Dadaşova baxdı:
– Mən elə cavanlığımdan şofer işləmişəm, – dedi və gördü ki, bu sorğu-sual doğrudan da, müstəntiqlə müttəhimin sorğu-sualına oxşayır.
Qasım kişi incik görkəm alıb susdu. Qaş-qabağını sallamağından hiss olunurdu ki, daha danışmağa həvəsi yoxdu və Dadaşovun bircə sualına da cavab vermək niyyətində deyil.
Uzunsaç oğlan üç butulka limonad gətirdi. Oğlan butulkaları qoyub çıxmaq istəyəndə Dadaşov dedi:
– Buralarda ol, bəlkə buyruğumuz oldu sənə.
Oğlan dinmədi. Heç ikicə addım atmamışdı ki, Dadaşov təzədən səslədi onu.
– Vəzir! Ay padşahın sağ əli!
Vəzir qayıdıb qapının ağzında dayandı. Taqətdən düşmüş adam təkin çiyinlərini salladıb Dadaşova baxdı.
Dadaşov dedi:
– O konduktoru çağır bura.
Bələdçini çağırmaq lazım olmadı. Bələdçi özü gəlib çıxdı, həm də qatar rəisi ilə birlikdə. Rəis kupeyə ötəri baxıb keçmək istəyirdi, Dadaşov saxladı onu.
– Qatarın rəisi sənsən? – dedi
Rəis gözlərini qıyıb Dadaşova baxdı, sanki bu adamı harda gördüyünü, hardan tanıdığını yadına salmaq istəyirdi. Dadaşov ona çox fikirləşməyə macal vermədi, bir az incik, bir az məzəmmətlə dedi:
– Bu qatara minməyimə peşman olmuşam. Bu nədi, əşi? Vaqon-restoranda ağıza qoymağa bir şey yoxdu.
Rəis də eynən bələdçi kimi ortayaşlı, dolubədənli kişi idi. Qaraqabaq adama oxşayırdı, elə bayaqdan zəndlə Dadaşova baxırdı, amma deyəsən, onu tanıyıb-tanımadığını anışdıra bilmirdi. Rəis təəssüf andıran səslə:
– Restoranı mən təchiz eləmirəm, – dedi. Yenə nəsə demək istəyirdi ki, bələdçi onu qabaqladı.
– Nə lazımdı, təşkil eləyərik, yoldaş Dadaşov.
Dadaşov başını buladı.
– Mən özümçün demirəm… Sərnişinlərin qayğısına qalmaq lazımdı. Yemək-içməyə ehtiyacım olsaydı, xəbər eləyərdim, hər stansiyada dəm-dəsgahla göz ləyərdilər məni. Xəlvət gedirəm ki, dost-tanışlar məni narahat eləməsinlər… Belə olmaz, sizin işinizdən razı qalmadım. – Öz-özünə danışırmış kimi əlavə elədi. – Sonra da deyəcəklər ki, Dadaşov pislik elədi bizə.
Dadaşov acıqlanmış təkin üzünü pəncərəyə tutdu. Qapının ağzında quruyub qalmış rəis indi onun bir qulağını görürdü. Elə baxırdı, elə baxırdı, elə bil onu təəccübləndirən, çaşdıran Dadaşovun söz ləri deyildi, tay qulağı idi. Bələdçi də Dadaşovun qulağına baxırdı: Rəislə bələdçinin baxışları Dadaşovun qulağında birləşdi, toqquşdu, sonra bir-bi rinə zilləndi… Bələdçi ürəkli-ürəkli dedi:
– Hər nə lazımdı…
Onun sözünü rəis tamamladı:
– … təşkil eləyərik.
Rəislə bələdçi gedəndən sonra Dadaşov Sabit Mirzədən soruşdu:
– Acmamısan ki?
Sabit Mirzə ac idi, amma:
– Yox, – dedi, – acmamışam.
Dadaşov əlini Fətullanın kürəyinə vurdu.
– Qalx… Dörd-beş nar seç, gətir.
Fətulla getdi o biri kupedən nar gətirməyə.
Sabit Mirzə başını pəncərənin qırağına söykəyib gözlərini yumdu. “Qəbrin nurla dolsun, Məmməd Qaya. Tip öz ayaqları ilə gəlib yanıma. Belə tipi sən heç yuxunda da görməmişdin”.
Sabit Mirzə dilxor idi, Məmməd Qayanın tövsiyəsinə əməl eləyə bilmirdi, Dadaşovu arın-arxayınmüşahidə eləməyə səbri çatmırdı. Ürəyinə dammışdı ki, bu kupedə axırı bir qalmaqal düşəcək, kimsə Dadaşovun payını verəcək və bu “kimsə”, bəlkə də Sabit Mirzə özü olacaq.
Fətulla dörd dənə nar gətirdi: adama biri…
Bələdçi, əlində dolu tor zənbil içəri girdi.
– Naçalnik göndərib, – dedi və zənbildəkiləri bir-bir yığdı Dadaşovun qabağına.
Soyutma toyuq, soyutma yumurta, pomidor, xiyar, holland pendiri, bir şüşə konyak balaca sto lun üstünə güclə yerləşdi. Bələdçi qaça-qaça gedib dörd dənə də qalın stəkan gətirdi.
Dadaşov, Fətullanı dümsüklədi:
– Süz görək.
Fətulla stəkanın üçünə konyak süzdü, boş stəkanı qırağa qoydu. Dadaşov öz stəkanını götürüb, üzünü Sabit Mirzəyə tutdu. Sabit Mirzə arxasını arakəsməyə söykəyib:
– Mən gecələr içmirəm, – dedi.
Dadaşov üzünü Qasım kişiyə tutdu. Qasım kişinin incikliyi hələ sovuşmamışdı, elə incik-incik:
– Mən onun daşını çoxdan atmışam, – dedi.
Dadaşov üzünü Fətullaya tutdu. Fətulla əlini boş stəkanın ağzına qoydu.
– Mənim mədəm xəstədir, – dedi. – Hər il Yesentukiyə gedirəm… müalicəyə…
Dadaşov qalın qaşlarını çatdı:
– Mənim sözümü yerə salırsan?
Fətulla əlini boş stəkanın ağzından götürüb sinəsinə qoydu.
– Üzr istəyirəm, – dedi. – Onca qram içsəm, ölərəm.
Dadaşov başının işarəsiylə qapını göstərdi:
– Onda çıx burdan, mənim məclisimdə oturma!
Fətulla əvvəlcə elə bildi Dadaşov zarafat eləyir, sonra gördü ki, yox, Dadaşovun gözləri alacalanıb, Dadaşov ciddi danışır. Fətulla pərtliyini büruzə verməmək üçün gülümsədi.
Dadaşov üzünü qapının yanında dayanmış bələdçiyə tutdu. Bələdçi, deyəsən, içmək istəyirdi, amma ürək eləmirdi; birdən Dadaşov onu sınayar? Bələdçi dirənə-dirənə:
– Olmaz, – dedi, – iş başında…
Dadaşov ona da qapını göstərdi:
– Xoş getdin!
Bələdçi, ilan ağzından qurtarmış qurbağa təkin aradan çıxdı.
Dadaşov stəkanını butulkanın yanına qoyub köks ötürdü.
– Yəni bu boyda vaqonda bir kişi tapılmayacaq?! – dedi.
Qasım kişi yerində qurcuxdu. Sabit Mirzə ürəyində: “Lənət sənə, kor şeytan!” – dedi.
Dadaşov süfrəyə baxıb başını buladı.
– Bircə şey çatmır: şampanski! Konyakın üstündən şampanski ləzzət verir… adamın yanğısını söndürür. – Qapıya tərəf boylandı. – O oğlan hara getdi? Göndərim, bir-iki butulka şampanski alsın. – Çağırdı. – Vəzir! Vəzir!
Bələdçi gəldi.
– O uzunsaç oğlanı çağırırsınız? – dedi. – Getdi. Çamadanını götürüb keçdi ayrı vaqona. Dedi, day gəlməyəcəm.
Dadaşov gözlərini qıydı.
– Demək, mənnən qaçdı? Neynək!
Bələdçi pəncələri üstə uzaqlaşdı.
Bir müddət heç kim danışmadı. Təkcə təkərlə rin yeknəsəq taqqıltısı eşidildi. Dadaşov handan-hana başını döndərib, sınayıcı nəzərlərlə Qasım kişiyə baxdı.
– Bəlkə şampanski almağa sən gedəsən? – dedi.
Bayaqdan Qasım kişinin sinəsində yığılıb düyün bağlamış acıq partlayıb çıxdı ortalığa. Kişi boğazının damarları şişə-şişə:
– Bura bax, – dedi, – özüm özünə borcluyam, yoxsa dədəm dədənə borcludu?! Səninçün hambalam, nəyəm mən?! Böyük adamsan deyə ayaqlarının altında torpaq olmalıyıq biz?! Birini ora buyurursan, birin bura buyurursan, birinə ağzından çıxanı deyirsən! Nə ağsaqqal saya salırsan, nə qarasaqqal! Dur, çıx burdan! Tez!
Elə bil bayaqdan Sabit Mirzənin ürəyinə bir tikan sancılmışdı və Qasım kişi indicə o tikanı ehmalca çıxartdı ordan. Qasım kişinin gözləri böyü müşdü, amma Dadaşovun bir tükü də tərpənmirdi.
Dadaşov, heç nə olmayıbmış kimi, gülümsəyə-gülümsəyə, sakit-sakit dedi:
– Özündən çıxma, əşi, peşman olarsan.
Qasım kişi səsini bir az da qaldırdı:
– Neynəyəcəksən mənə?!
Dadaşov mənalı bir ahənglə:
– İstəsəm, pislik eləyərəm, – dedi. – Şoferin də işində əngəl tapmaq olar. Barmağımın bircə işarəsi kifayətdi ki, səni çəksinlər ortalığa.
Qasım kişi səsini bir az saldı aşağı:
– Neynəmişəm axı mən?
Dadaşov bayaqkı təmkinlə:
– Lazım gəlsə, sübut eləyərəm, – dedi. – Dilləşmə mənnən…
Qasım kişi birdən-birə sustaldı. Sanki özünü yox, Dadaşovu sakitləşdirmək üçün səsinin səbbini alıb dedi:
– Böyük adam olanda nə olar ey? Biz də özümüzə görə bir kişiyik də. – Asta-asta qalxdı. Bu söz-söhbətdən peşman olubmuş kimi başını buladı. – Gedirəm şampanski gətirməyə, – dedi, – amma elə bilməyin ki, qorxumdan gedirəm.
Qasım kişi çıxandan sonra Sabit Mirzənin əlinə fürsət düşdü. Kinli-kinli Dadaşova baxdı.
– Bəlkə məni də bir işə buyurasan… – İstədi “ay zırrama” desin, amma sözü dilinin ucunda saxladı, çünki Dadaşovun iri gözlərində bircə dəfə gördüyü ilıq, mülayim, tanış təbəssümü yenə gördü.
Dadaşovun üzündən nur yağırdı, elə bil bircə anın içində dəyişib tamam başqa adam olmuşdu.
– Bilirəm, mənnən zəhlən gedir, – dedi. – Hamınızı dilxor eləmişəm. Özümü yekəxana aparıram, heç kim ürək eləyib soruşmur ki, “axı sən kimsən, ay Dadaşov?”
Sabit Mirzə acığını güclə boğub soruşdu:
– Axı sən kimsən?
Dadaşov gülümsəyə-gülümsəyə:
– Mən çəkməçiyəm, – dedi. – Yırtıq ayaqqabı lara yamaq vururam. Vaqona minəndən sonra ürəyimdən keçdi ki, özümü böyük adam kimi aparım. O kişi var ha, – Fətulla – o elədi. Boy-buxunuma, bazburuduma baxıb, familiyamı soruşdu. Adımı yox ha, familiyamı… Başa düşdüm ki, məni vəzifəli, ixtiyarlı adam hesab eləyir. Soruşub öyrəndim ki, Bakıda ticarət işində qulluqdadı. Yerevandan gəlir, mal dalınca gedibmiş. Başa düşdüm ki, bu kişi böyük adamlara qulluq göstərmək üçün əldən-ayaqdan gedir. Başladım onu buyurmağa… Gələk o birisinə… uzunsaç oğlana… Bizim rayona gəlib gedir, o məni tanımır, mən onu tanıyıram. Bilirəm ki, rayonda neçə adama kafel, parket-filan satıb… Bir balaca işarə vurdum, səsi batdı, çünki gözükölgəlidi. Qorxdu ki, mən doğrudan da böyük adam olaram, işin içindən iş çıxardaram… Qaldı bu şofer – Qasım kişi… Xoşuma gəlir, amma onun da dilini gödək eləyən şeylər var. Tikintidə şoferdi, ikimər təbəli ev tikdirib, dəmir darvaza-filan. Elə bilirsən maşınında ona-buna daş, sement, nə bilim nə, daşımayıb? Elə bilirsən satmayıb? Vallah daşıyıb, vallah satıb! Sabit qardaş, satışda darvaza dəmiri olmur. Bəs hardan alıb dəmiri o?.. Qatar rəisi, konduktor… elə bilirsən haram tikə yeməyiblər? Gördün ki, günah özlərindədi? Kimin ki özünə inamı yoxdu, kim ki özündən şübhəlidi, ona xox gəl, dili topuq çalacaq. Xain xoflu olar, deyiblər. Canları çıxsın, təmiz yaşasınlar. Bax belə… Amma familiyam doğrudan da Dadaşovdu.
Sabit Mirzə çaş-baş qalmışdı.
– Axı, özünüzü belə aparmağın nə mənası var? – dedi.
Dadaşovun dodaqları qaçdı, ağappaq, sapsağlam dişləri göründü.
– Eh, Sabit müəllim, – dedi. – Ömründə bircə dəfə rola girmişəm, onu da mənə çox görürsən. Amma sən hər gecə səhnədə rola girirsən… Özü də min adamın cildinə girirsən.
Qasım kişi hər əlində bir şampan butulkası içəri girdi. Stolun üstündə yer yox idi, butulkaları oturacağa qoydu.
Dadaşov qalxdı. Cibindən bir onluq çıxardıb Qasım kişiyə verdi.
– Al, əşi, – dedi, – şampanskilərin puludu. İçmirəm. Sağ olun. Gecəniz xeyrə qalsın!
Dadaşov getdi. Qasım kişi mat-mat Sabit Mirzənin üzünə baxdı.
– Qəribə adamdı bu, – dedi. – Kimdi bu, nəçidi?
Sabit Mirzə bərkdən dedi:
– Çəkməçi! Pinəçi!
Qasım kişi kupenin qapısını tələsik çəkib örtdü.
– Yavaş, sən Allah, birdən eşidər, – dedi. Sonra Sabit Mirzəylə üzbəüz oturdu, özü gətirdiyi şampan butulkalarına baxdı. Dadaşovun eşidə biləcəyindən ehtiyat edirmiş kimi astadan dedi: – Yəqin mənim bozarmağımdan inciyib getdi, hə?
Sabit Mirzə cavab vermədi. Başını pəncərənin qırağına söykəyib, təkərlərin taqqıltısına qulaq asa-asa ürəyində: “Allah sənə rəhmət eləsin, Məmməd Qaya!” – dedi.
1980
Oğul
– Görəsən bu uşaq harada qaldı?
Arvad cavab əvəzinə köksünü ötürdü. Fərrux yorğanı üstündən atıb dikəldi. Ayaqlarını çarpayıdan salladı. Xeyli sükutdan sonra üzünü yanında uzanmış arvadına tutdu:
– Əminə, sən də bilmirsən Tahir bu vaxtacan haralarda gəzir?
Əminə yorğanın altında büzüşüb böyrü üstə çevrildi.
– Bilmirəm, kişi, bilmirəm.
– Bəs niyə xəbər almırsan?
– Deyir, yoldaşlarımnan imtahana hazırlaşıram.
Fərrux başını buladı. Otağa süzülən ayın solğun işığı onun qansız sifətinə bir sarılıq da yaymışdı. O, əllərini çarpayıya dayayıb qalxdı. Sol ayağını döşəmədə sürüyə-sürüyə pəncərəyə tərəf getdi. Alnını şüşəyə dirəyib boş, sakit küçəyə baxdı. “Naxoş olmasaydım gedib Tahiri axtarardım, – deyə düşündü. – Axı bu iflic məni haradan tapdı? Bəlkə mən xəstə olduğum üçün Tahir istədiyini eləyir, məni gücsüz görüb daha qorxmur, çəkinmir?..”.
O, özünü doğrudan da gərəksiz bir adam zənn etdi. Bu fikirdən Fərruxun qəlbində özünə qarşı acıq dolu bir narazılıq yarandı. O, bütün bəlaların səbəbini sürünən sol qıçında gördü və əsəbiləşdi. Həkimin sözlərini xatırladı: “Sizə əsəbiləşmək olmaz, qətiyyən olmaz”.
Fərrux ürəyini toxtatmağa çalışdı: “Tahir belə özbaşınalıq eləməzdi. Evə gec gəlməzdi. İcazəsiz bir yerə getməzdi. Bəs indi nə oldu? Bir aydır, evə vaxtlı-vaxtında qayıtmır. Bilmir ki, bəyəm, mən xəstəyəm, narahatam?..”.
Fərrux pəncərədən aralandı. Gəlib çarpayının küncündə əyləşdi.
– Gör saat neçədir, – deyə yatağının içində fikrə getmiş arvadına yenidən müraciət etdi. Əminə durub işığı yandırdı. Ərinin stolun üstündəki qol saatına baxdı. Yuxusuzluqdan kallaşmış səslə dedi:
– İkidir, üçə beş dəqiqə işləyib…
Fərrux qızarmış gözlərini oğlunun divardan asılmış şəklinə zillədi, dərindən köksünü ötürdü. Onun hüznlü baxışında, tutqun sifətində açıq-aydın bir sual oxunurdu: “Haradasan, Tahir? Axı, mən nigaranam, oğul!”.
Fərrux güclə nəfəs alırdı. Əminə işığı söndürdü. Yorğanı götürüb ərinin çiyninə saldı. Kişi astadan, qırıq-qırıq danışdı:
– Əminə, mən ona söz deməyə utanıram. Yekə kişi olub, bığ saxlayır, üzünə ülgüc vurdurur. Daha uşaq deyil. Sən anasan, onunla açıq danış. Mənim adımdan de ki, belə olmaz, dərslərini oxusun. Hələ institutu qurtarmağına iki il var.
– Ay Fərrux, bəlkə elə Tahir doğrudan da dərs oxuyur. Səbirsizlik eləmə, indicə gələr.
– Elə bilirsən onun haralarda gəzməyindən xəbərim yoxdur? Başa düşürəm harda ləngiyir, amma deməyə dilim gəlmir… Əminə, qorxuram uşaq bir para cavanlara qoşulmuş ola.
– Tahir pis yola getməz, Fərrux.
– Nə bilirsən?
– Deyirsən, yəni bir qıza-zada ilişib?
– Qıza ilişsə yaxşıdı. Mən qorxuram bir yanıqoduqluya dadanmış ola, sonra düşə əngələ, dərsdən soyuya. Bu saat onun beyninin qan vaxtıdı. Heç nəyin ağına-bozuna baxmır.
– Ağlım kəsmir, – deyə Əminə inamla dilləndi. Amma bir azdan Fərruxun narahatlığı ona da keçdi. – Deyirsən, yəni…
– Ayrı nə ola bilər? Bu qız məsələsi deyil. Ağlı başında olan qız bu vaxta qədər küçədə qalmaz. İmtahana hazırlaşmağı deyirsənsə, ona da inanmıram. İndiyəcən belə hazırlaşmaq görmüşdün?..
– Uşağın babalını yuma.
– Məni hövsələdən çıxarma, Əminə. Burda sən bilən şey yoxdur. Oğlunun tənbehini ver, yoxsa…
– Bir səbrin olsun, a kişi…
– Necə səbir eləyim, rəhmətliyin qızı? Biz gözümüzü açınca nəf[2 - Nəf– xeyir, qazanc, fayda, mənfəət] qudurub mayanı yeyəcək… Onun nə vaxtıdır ki, bildiyini edir?! Atanı saymır, ananı vecinə almır.
Bayaq pəncərənin qabağında dayanarkən onun ürəyini bir tikəyə döndərən qəzəb yenidən coşdu. Fərrux yumruğunu düyünləyib sağ dizinə çırpdı. Elə bil quru ağac parçaları bir-birinə dəyib şaqqıldadı.
– Məni saymır… Mən ona göstərərəm! Onda bilər ki…
Qapının zəngi çalındı. Kişinin bədəni gərildi. Əminə cəld ayağa qalxdı. İşığı yandırdı. Qapını ehmalca açdı. Tahirin gülümsəyən sifəti göründü.
Fərruxun uzun, sümüklü sağ qolu havada qolay la-nıb astanada oğlanın üzünə çırpıldı. Qəflətən aldığı zərbədən Tahirin gözləri böyüdü. Kişi müvazinətini saxlaya bilməyib səndələdi. Tahir qüvvətli əlləri ilə atasının belindən yapışıb onu yıxılmağa qoymadı. Əminə özünü yetirdi.
– Fərrux, tifilin bağrını niyə yarırsan?
Kişi oğlunun qolları arasından çıxdı. Divardan tutatuta yataq otağına keçdi. Çarpayıya uzandı. Ürəyi az qalırdı yerindən çıxsın. Gicgah damarları hey atırdı. Sağ əlinin içində zoqqultu vardı. O, birdən-birə taqətdən düşdü. Elə bil canında olan-qalan güc oğluna vurduğu zərbə ilə qurtarmışdı. Yenə həkimin tövsiyəsini xatırladı: “Sizə əsəbləşmək olmaz…”
Fərrux xəyalən cavab verdi: “Bu mümkün deyil, həkim. Görürsünüz ki, mümkün deyil…”
Mətbəxdə stəkan-nəlbəki cingildədi. Asta, həzin pıçıltılar eşidildi. Aradan xeyli keçmiş Əminə Fərruxun çarpayısına yaxınlaşdı.
– Onu niyə vurdun, Fərrux? Necə qıydın? – Əminənin səsi titrədi. Fərrux hiss etdi ki, arvadı ağlayır. – O, işdən qayıdırmış, Fərrux, biz bilməmişik…
Fərrux qulaqlarına inanmadı.
– Necə? – deyə soruşdu və səsi xırıldadı.
Əminənin əlində nəsə xışıldadı.
– Onun ilk maaşıdır. Sənin vəziyyətini belə görüb, işə girib… gecələr…
Əminə sözünün dalısını deyə bilmədi. Yatağına girib yorğanı başına çəkdi, yorğan titrədi.
Fərruxun heydən düşmüş bədənini tər basdı. Sağ əlindəki zoqqultu acı, ağır bir düyün olub ürəyinə keçdi. Sevinclə peşmançılığın qarışığından doğan qəhər onu da boğdu.
Şehli çəmənlərin işığı
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qar-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var… Peçenye də var – çay içərlər.
Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyifsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Mirzə pəncərənin qabağına gəldi. Küləyin hirsi-hikkəsi səngimişdi. Ağacların, dirəklərin dibində qar təpələnmişdi, evlərin damı ağappaq idi. Bu ağlığın sonu, nəhayəti görünmürdü. Təkcə səma tutqun idi. Göyün bozluğu qəsəbənin başı üstündə pərdə kimi asılmışdı; hələ axşama çox vardı, ancaq hava alatoran idi. Qırx il idi ki, Mirzə bu diyarın boranına, çovğununa tab gətirirdi, amma Mirzənin ab-havadan belə darıxdığı olmamışdı. Görəsən, bu göyün sinəsi boşalacaqmı? Hələ çox yağacaq: bu ay da, gələn ay da, o biri ay da. Dünyanın hər yerindən qış ayağını çəkəcək, ancaq burda yenə taxtapuşların qırağından sırsıra sallanacaq.
Mirzə bu torpağa ilk dəfə qədəm qoyanda müharibə təzəcə qurtarmışdı, onda Mirzə davanın od-alovunu, cəhənnəmini görmüş cavanca oğlan idi. Ordudan buraxılandan sonra evlərində cəmi bir ay qaldı. Anasına bir şəkil göstərib dedi, yanımda dayanan bu qız Ninadır, gedib bunu gətirməliyəm, ana, izin verin. Arvad şəklə baxdı: əsgər geyimli, göyçək qız başını Mirzənin çiyninə söykəyib elə gülümsəyirdi, elə bil dünyanın ən bəxtəvər adamı idi, elə bil bu şəkli davada yox, toy günündə çəkdirmişdi. Arvad sevindiyindən ağladı, dedi, buna da qurban olum, sənə də, izni Allah verib, oğul, get gəlinimizi gətir. Mirzənin deyiklisi-filanı yox idi, bu qız onun ilk məhəbbəti, gözünün ilk ovu idi, həm də Mirzə onu bombaların, güllələrin altında, qan-qadanın, ölümün içində tapmışdı – niyə gedib gətirməsin? “Get, bala, get gətir, Allah sizi xoşbəxt eləsin. Qoşa qarıyasınız, oğullu-qızlı olasınız. Get gətir, başına dönüm”.
Amma Nina gəlmədi. Dedi, faşist köpəyoğlu təhsilimi yarımçıq qoyub, gərək həkim olam mən. Haqq sözə Mirzə nə qulp qoya bilərdi? Gedib daş kömür mədənində işə düzəldi, gözlədi ki, Nina diplomunu alsın.
Sonra Ninanın oğlu oldu, Mirzənin başı qarışdı onu böyütməyə. Oğlan üç yaşına çatanda Nina bir qız doğdu. Rayona qayıtmaq sözünü Mirzə day dilinə gətirmədi… Mirzənin anası oğlunun yolunu gözləyə-gözləyə canını tapşırdı Allaha… Gün gəldi, ata da bu dünyadan köçdü. Daha doğma yurdda Mirzənin kimi var, nəyi var? Bir bacı qalıb, o da ərdədi. Həm də məvacibli işi, üz-gözün öyrəşdiyi dost-tanışı, doğmalaşdığın yerləri qoyub hara gedəsən? Həyatını təzədən necə qurasan, necə sahmana salasan? Burda yaxşı motorçu kimi ad qazanıb, sayılan mütəxəssislərdəndir. Zərrə-zərrə qazanılan hörməti birdən-birə heç-puç eləməyə kimin ürəyi gələr? Axı o yerlərdə Mirzə kimin yadına düşür, kimə lazımdır?
Axşam Mirzə yun şala bürünüb oturdu televizorun qabağında, amma bir gözü qapıda, qulağı səsdə idi. Kaş bir adam girəydi içəri – kim olur-olsun – gəlib sözü, nəfəsi ilə Mirzənin ürəyindəki buzu əridəydi. Nina öləndən bəri bu mənzilin işığı, hərarəti azalmışdı. Nina tez getdi dünyadan. İnsan üçün əlli beş yaş nədir ki? Belə də iş olar: cavanlığında gündə yüz yol ölümün gözlərinə baxasan, onunla gizlənqaç oynayasan, sonra da əlli beş yaşında, dünyanın qulağıdinc vaxtında qəflətən öləsən? Ədalətsizliyə bir bax. Kimə giley eləyəsən, kimdən kimə şikayətlənəsən?..
Mirzənin oğlu gəldi. Gətirdiyi qocafəndi köynəyi dolabçanın üstünə qoyub dedi:
– Təbrik eləyirəm, papa. – Sonra soyuq dodaqları ilə atasının üzündən öpdü, dirənə-dirənə: – Uşaqları evdə tək qoymuşam, – dedi.
Mirzə anladı ki, oğlu elə-belə, atasına ayaqüstə dəyməyə gəlib. Soruşdu ki:
– Bəs arvadın hanı?
Oğlan gözlərini qıyıb stolun üstündəki teleqramı oxudu: “Əziz ata, sənə bu qədər də ömür arzulayıram. Hədiyyəni göndərəcəm. Səni hədsiz sevən qızın Maya”. Oğlan teleqramı oxuyandan sonra atasının sualına cavab verdi:
– Lida növbədədir, papa, xəstəxananı qoyub gələ bilməz. İndi nizam-intizam məsələsinə ciddi fikir verirlər, həkimin həddi nədir ki, növbəni buraxıb beşcə dəqiqəliyə harasa getsin.
Mirzə gözlərini televizorun ekranına zilləsə də, orda heç nə görmürdü, elə hey başını yelləyirdi. Qəbri nurla dolsun Ninanın, özü həkim idi, istəyirdi ailədə hamı həkim olsun. Arzusuna çatdı: oğlunu da həkim elədi, qızını da… Xoşbəxtlikdən gəlin də həkimdir. Həkim çox, amma dərd-sər yenə azalmır, Mirzənin canı yenə ağrıyır, Mirzə günü-gündən qocalır.
Kişi köks ötürüb pıçıltı ilə dedi:
– Belə-belə işlər, Anatoli Mirzəyeviç.
Anatoli atasının sözlərini başqa yerə yozdu.
– Sən Lidadan incimə. – dedi. – Lida sənin xətrini çox istəyir. Sabah növbədən çıxan kimi gələcək səni təbrik eləməyə. – Deyəsən, atasının bugünkü ovqatı, xəstə görkəmi, tənhalığı Anatolinin qəlbini ağrıtdı. Oğlan kişinin ağarmış qaşlarına baxıb, yüngülcə ah çəkdi, onun çiynini sığallaya-sığallaya, uşaq ovundururmuş kimi, mülayim səslə danışdı: – Elə bilmə ki, övladların qədirbilməzdilər. Yox, papa, biz sənin yolunda ölümə də gedərik. Neynəyək ki, hamının başı qarışıqdı, hərənin öz qayğısı, vacib işləri var. Sən heç Mayadan da küsmə; bu qarda-boranda üç yüz kilometr yolu necə gəlsin? Körpə uşaqları var, əri hərbçidir, buraxmırlar, axı.
Oğlunu mütəəssir eləməmək üçün Mirzə gülümsəmək istədi, ancaq təbəssümü dodaqlarının cəvcəsində[3 - Cəvcə– ağızın küncü] donub qaldı və Anatoliyə elə gəldi ki, atası ağlamsınır. Oğlu atasının çiynini qucaqladı. İstədi desin ki, “ayıb deyil?”, ancaq bircə kəlmə:
– Papa! –dedi.
Mirzə toxtaq səslə:
– Get, doktor, – dedi, – uşaqlar evdə təkdirlər.
Anatoli atasının o üzündən-bu üzündən üç dəfə öpüb getdi.
Otaq soyuq olmasa da, Mirzə hiss elədi ki, üşüyür, çiynindəki yun şala bərk-bərk büründü. Təzədən baş qaldırıb uğultu-çığırtı ilə özünü daş binalara çırpan hikkəli-qəzəbli küləyin səsinə qulaq asa-asa fikirləşdi ki, bu dünyada insanın yaşamaq, yaratmaq, əlləşib çarpışmaq borcundan savayı bir məcburi, mütləq borcu da var: ölmək! Deyəsən, vaxtdır axı…
Mirzə qalxıb televizoru söndürdü, ayaqlarını parket döşəmədə sürüyə-sürüyə pəncərənin önünə gəldi. Alaqaranlıq çöldə ağ toz kimi sovrulan qarı görəndə yun şala daha da bərk bürünüb fikirləşdi ki, belə havada ölüb camaata əziyyət vermək heç insafdan, kişilikdən deyil. Bu an elə bil ürəyinin hansı guşəsindəsə bir şam yandı və bu şam onun yaddaşının zülmətində qalmış uzaq illərin üstünə şəfəq saldı. Mirzə “inqə” çağırıb dünyaya göz açdığı, nə vaxtsa torpağında ayaqyalın gəzdiyi, çəməninin şehində, göyünün yağışında islandığı, bağ-biyabanlarında gəranayladığı diyarı yüngül, işıqlı bir yuxu kimi xatırladı. İndi martın axırıdır, yəqin orada ağaclar çiçək açıb, havadan ətir qoxusu gəlir, quşlar budaqdan-budağa qonub cəh-cəh vururlar, gecələr çaylarda, gölməçələrdə qurbağalar tənbəl-tənbəl quruldayıb adama mürgü gətirirlər.
O gecə Mirzənin yuxusu ərşə çəkildi. Mirzə gözlərini yuman kimi çiçək açmış ağacları, yamyaşıl çölləri gördü, quşların mahnısını, qurbağaların qurultusunu eşitdi. Ömrünün əlçatmaz, ünyetməz çağlarında qoyub gəldiyi torpağın ətri dəydi burnuna. Heç olmasa, bircə dəfə üzünü o torpağa sürtmək, canında o torpağın hərarətini duymaq arzusu ilə ürəyinin başı göynədi. Yadına bir bayatı düşdü:
Əzizim, vətən yaxşı
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Bu nədi, görəsən? Mirzənin ürəyinin hansı guşəsində yatıb qalmışdı bu bayatı? Qırx ildə bircə dəfə də dilinə gəlməmişdi. Bu sözləri kim qoşub, kim deyib belə? Yəqin ki, qürbətdə ölüm ayağında olanlar! Qürbətdə olmayan adam hardan bilər ki, “ölməyə vətən yaxşı!”
Bu fikirlər də, bu fikirlərin gətirdiyi ağrılar da Mirzə üçün xoş idi. Mirzə xəyalən körpəliyinə, gəncliyinə, işıqla, günəşlə dolu çağlarına qayıdırdı və bu qaranlıq otaqda Mirzənin ovqatı yavaş-yavaş yaxşılaşırdı. O işıqlı, günəşli çağlarına dönəndə Mirzə tanış, doğma sifətlər içində cizgiləri güclə sezilən alatutqun bir sifət də gördü. Mirzənin gözlərinin qabağında sanki duman pərdəsi vardı. Bu ağımtıl pərdə get-gedə aydınlaşdı, durulaşdı və Mirzə kinə rəngində, dəmrovlu bir sifət gördü, iri, yorğun gözlər gördü: dipdiri Həsən idi, durmuşdu Mirzənin qarşısında. Bu Həsən kimdir belə, bu Həsən hardan çıxdı? Mirzənin yaddaşının hansı ilməsində qalıb bu Həsən?
Həsən rayona bitişik kənddən idi, orda altı il oxuyandan sonra, nədənsə, çıxıb gəlmişdi rayon mərkəzindəki məktəbə, yeddincini burda, Mirzəgillə bir sinifdə oxuyurdu. Bəlkə ordan bezdirib qaçırtmışdılar, bəlkə də başqa səbəb vardı – bunu heç kim bilmirdi, heç kim də Həsəndən soruşmurdu. Həsən o qədər yolu hər gün piyada ölçərdi, dərsə bircə dəfə də gecikməzdi. Sakit, arıq oğlan idi. Əyin-başı nimdaş olsa da, təmiz idi. Qədək[4 - Qədək– pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez] şalvarı, deyəsən, tez-tez yuyulduğundan həm soluxmuşdu, həm də daralıb gödəlmişdi. Çox vaxt tənəffüslərdə partanın arxasından çıxmırdı, elə bil şalvarının bozluğundan, yöndəmsizliyindən utanırdı. Həmişə yorğun, yuxulu görünürdü. Baxışlarında, nədənsə, bir ürkəklik vardı. Həsən pis oxuyurdu. Onun bircə dəfə də dərs danışdığını bu sinifdə görən olmamışdı. Heç kim Həsənlə yaxınlıq eləmirdi, o da heç kimin işinə, söhbətinə qarışmırdı. Sanki sinifdə Həsən adlı oğlan yox idi. Mirzənin arxasındakı partada oturardı Həsən. Mirzənin sağ yanındakı partada isə alagöz, sarışın bir qız oturardı; adı ya Çiçək idi, ya Göyçək… Bu alagöz, sarışın qız Mirzəyə yaman baxardı. Hərdən gülümsəyə-gülümsəyə elə baxardı ki, Mirzə lap utanardı.
Bir gün coğrafiya dərsində Qeysər müəllim əlini xəritənin üstündə gəzdirə-gəzdirə uşaqlara nəyisə başa salmağa çalışırdı. Alagöz, sarışın qız ona qulaq asmırdı, qızın diqqəti Mirzənin yanında idi. Qeysər müəllim bunu görəndə danışığını kəsib qıza tərs-tərs baxdı. Həsən qızı xəbərdar eləmək istədi, “üzünü o yana döndər” dedi. Sarışın qızın qaşlarının ortası düyünləndi və Mirzə dilxor oldu. Həsən belə deməməliydi. Həsən heç cınqırını da çıxartmamalıydı, Həsən kimdir, nə karadır ki, bu göyçək qızı pərt eləyir? Mirzənin ürəyində qəribə bir hiss baş qaldırdı: təəssübkeşlik hissi deyildi bu, üstünlüyünü sarışın qıza və bütün sinfə bildirmək istəyi idi, Mirzənin ağlını yerindən oynadan yalançı qürur idi. Mirzə qalxıb geri çevrildi və sağ əli ilə Həsənə elə bir sillə çəkdi ki, əlinin içi gör-gör göynədi. Şappıltıya hamı başını Həsənə tərəf döndərdi və elə bil hamı indi gördü ki, bu sinifdə Həsən adlı bir oğlan varmış.
Həsənin rəngi elə ağardı ki, üzünün dəmrovu itdi, nazik dodaqları titrədi, nəmli, iri gözləri bir az da iriləndi. Həsən pərtlikdən keyidi, nə günahın sahibi olduğunu dərk eləyə bilmədi, qaldı udquna-udquna.
Qeysər müəllim səbirli, təmkinli adam idi, amma – o da eynən Həsən kimi ağarmışdı – qışqırıb Mirzəni sinifdən qovdu.
Bu əhvalatdan sonra Həsən dərsə gəlmədi, day Həsəni görən olmadı, Həsən hamının yadından çıxdı…
Bəs Mirzənin heydən düşən vədəsində Həsən hardan peyda oldu? Onun iri, nəmli gözləri qaranlıq otağın hər künc-bucağından niyə belə biganə baxır görəsən? Birdən Mirzənin sağ əlinin içi gör-gör göynədi, sanki Həsəni indicə vurmuşdu. Niyə Həsən onda cavabını vermədi Mirzənin? Kaş onda Həsən də Mirzəni vuraydı, lap onun ağız-burnunu qanadaydı, yoxsa indi belə göynəməzdi Mirzə. Görəsən, indi Həsən hardadır? Görəsən, o da davaya getdimi? Ölübmü, qalıbmı?.. Gözləri elə nəmlidirmi?.. Yenə elə ürkəkdirmi?
Səhərə yaxın Mirzənin kirpikləri ağırlaşdı, Mirzə özünü ucsuz-bucaqsız bir bağda gördü, alça, ərik çiçək lərinin ətrini çəkdi sinəsinə, qaranquşların, sığırçınların cəh-cəhini eşitdi: Yuxuya gethagetdə, sayıqlayırmış kimi pıçıldadı: “Ölməyə vətən yaxşı… vallah, vətən yaxşı…”
* * *
Çamadanın ağırlığından bir çiyni əyilmiş, qaşları ağ kişinin həyətə girdiyini görəndə Güldəstənin qıçları sözünə baxmadı – başladı titrəməyə – havası çatmayan adam təki gözləri dirəndi.
Ağqaş kişi, dodaqları səyriyə-səyriyə gülümsədi:
– Niyə belə baxırsan? – dedi. – Qardaşınam də… Mirzə…
Dizləri bükülhabüküldə Güldəstə: “Ay qardaş!” – deyib bir cikkə çəkdi ki, Mirzənin başının tükləri biz-biz oldu.
Beşcə dəqiqədən sonra qonum-qonşuya duy vuruldu ki, rəhmətlik Salmanın oğlu Mirzə gəlib. Yeniyetmələr, cavanlar key qaldılar: görəsən, Mirzə kimdir və hardan gəlib? Amma yaşlılar, ağsaqqallar bilirdilər ki, Mirzə Güldəstənin gözünün ağı-qarası bircə qardaşıdır, özü də qırx ildən çoxdur ki, “dünyanın o başında” – “Dalni Vostok” deyilən yerdə yaşayır, bu eldə bir ocaq yandırmayıb, bir koma qaraltmayıb, bir ağac əkməyib, bu eldə bir namı-nişanəsi yoxdur onun. Görəsən nə olub, nə əhvalat baş verib ki, qırx ildən sonra, yazın çal-çağır vədəsində Mirzənin güzarı bu yerlərə düşüb?
Camaat “Dalni Vostok” sözündə bir sirr-müəmma, soyuqluq, əlçatmazlıq görürdü. Hamı bilirdi ki, “Dalni Vostok” deyilən yer burdan çox-çox-çox uzaqdadır və orda həmişə qar olur, buz olur, gün tez çıxıb, tez batır, həm də oranın günü adamın canını qızdırmır. Buzların içindən gəlmiş Mirzəyə baxmaqçün qonşular axışdılar Güldəstəgilə və gördülər ki, Mirzə solğun bənizli, ortaboylu, arıq bir kişidir. Gördülər ki, Mirzənin saçı da, qaşları da “Dalni Vostok”un qarı kimi ağappaqdır, özü də elə bir suyu bacısına oxşayır; burnu onun burnu kimi nazikdir, gözləri də eynən Güldəstənin gözləridir: badamı, qonur…
Yeznə Qədirə xəbər getdi, Qədir “Jiquli”də özünü çatdırdı həyətə. Mirzəni öpüb basdı bağrına, başladı hönkürtü vurmağa, amma görəndə ki, Mirzə ağlamır, o dəqiqə səsini kəsdi…
Hələ Güldəstə qardaşı ilə nəfəs-nəfəsə doyunca oturmamışdı, hələ Güldəstənin uşaqları söz axtara-axtara, dirənə-dirənə danışan dayılarına qıraqdan gözü-dolusu baxmamışdılar, hələ qonum-qonşu “Dalni Vos tok”dan hal-əhval tutmamışdı – Mirzə dedi ki, qəbiristanlığa getmək istəyirəm.
Yeznə Qədir Mirzəni “Jiquli”yə mindirib, apardı qəbiristanlığa…
Ata-anasının qəbri yan-yana idi. Qəbirlərin torpağı çökmüşdü, yan-yörəsini ot-alaq basmışdı, baş ağacları çürüyüb qaralmışdı. Baxımsızlıqdan pis hala düşmüş bu qəbirləri görəndə Mirzədən çox Qədir utandı. Qədir hazırlaşdı ki, Mirzə ağlasa, o da ağlasın, amma Mirzə ağlamadı və Qədirin xirtdəyinə dirənmiş qəhər o dəqiqə sovuşub getdi.
Mirzə qəbiristanlığa nəzər saldı. Dirilər var-yoxlarından çıxıb, burda ölülərə büsat düzəltmişdilər. Hara baxırdın qara, qırmızı, ağ mərmər idi. Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar…
Mirzə ata-anasının az qala yerləyeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini, nədənsə, Qədirin üzünə zillədi. Qədir tez çöməlib qəbirlərin yan-yörəsindəki alağı yoluşdurmağa başladı. Bir azdan Mirzə də ona qoşuldu və qət elədi ki, günü sabahdan bu qəbirləri sahmana salacaq. Bu qəbirlər sahibsiz deyil, burda yatan kişinin, arvadın oğlu hələ ölməyib. “Gəlmişəm, əzizlərim, gəlmişəm… Bağışlayın ki, gec gəlmişəm”.
Anası öləndə də gec gəlmişdi. Tez necə gələydi? Buracıq deyil, oracıq deyil. Mirzə teleqramı alandan sonra hazırlaşıb yola düşənəcən iş-işdən keçmişdi. Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən də yox idi. Evdə təzədən ağlaşma başlandı. Güldəstə qardaşını qucaqlayıb ağı dedi. Onda Güldəstə cavan idi, Qədirlə təzəcə evlənmişdilər. Sən demə, Güldəstənin yanıqlı səsi varmış, elə dil açıb ağladı ki, Qədir özünü saxlaya bilmədi – hönkürdü, nə hönkürdü. Amma Mirzə sanki daş idi, odun idi – dayanıb durmuşdu, elə bil ağlamaq yadına düşmürdü. Bunu görəndə Qədir hönkürtüsünü kəsdi. Gözlərindən hələm-hələm yaş çıxmayan Salman kişi də arxasını həyətdəki tut ağacına söykəyib ağladı. Kişi, deyəsən, arvadının ölümündən çox, neçə illik ayrılıqdan sonra oğlunu dədə yurdunda gördüyünə kövrəlib ağlayırdı. Yavaş-yavaş hamı kiridi.
Mirzə gözlərini qollu-budaqlı tut ağacının yoğun göv dəsinə zilləyib, uşaqlığını yadına saldı. Bu ağacın lap təpəsinə dırmanardı, mət kimi ağ tutu dənə-dənə qırıb ağzına atardı. İndi payızdır, ağacın yarpaqları tökülüb, ağac lütlənib, adam buna baxanda kövrəlir. Həm də bu ağac Mirzəyə yəqin ona görə belə qəmli görünür ki, Mirzənin anası ölüb. İndi bu həyətdə gözlərinə dəyən hər şey Mirzəni kədərləndirir, hətta atasının çal saqqalı da, alnındakı dərin qırışları da… Mirzə boğazını arıtlayıb, deyəsən danışmaq xatirinə atasından soruşdu ki, anam son nəfəsində nə dedi, nə vəsiyyət elədi. Kişi çiyinlərini çəkib, təzədən ağlamaqçün bir himə bənd adamsayağı hüznlü səslə cavab verdi ki, Səmaya rəhmətlik heç nə demədi, vəsiyyət-zad eləmədi, gecə qəflətən keçinib, heç xəbər də tutmamışıq.
İki gündən sonra Mirzə qayıdıb getdi – iş adamı idi, icazə alıb gəlmişdi, burda çox qala bilməzdi.
İndi qəbirlərin alağını təmizləyə-təmizləyə Qədir istədi soruşsun ki, qağa, genə tez qayıdacaqsan? Amma bunun əvəzində başqa söz dedi:
– Qağa, başına dönüm, bəs adam el-obasını, qohum-əqrabasını belə yaddan çıxardar? Ağlamaqdan bacın az qalıb kor olsun. Adın gələndə, inandığım haqqı, Güldəstənin dodaqlarında bir damcı qan qalmır. Mənim sözlərimi danlaq, məzəmmət kimi qəbul eləmə, qurbanın olum. Hər şey bir yana, axı burda sənin atanın, ananın qəbri var. Bu torpaqda sənin doğmaların, əzizlərin yatır.
Mirzə bir əlcə yerin alağını təmizləyib heydən düşmüşdü, güclə nəfəs alırdı. Onun badamı, qonur gözlərində dəfolunmaz bir ağrının əzabı görünürdü.
Qədir indicə dediyi sözlərdən peşman oldu.
– Qağa, başına dönüm, yoxsa xətrinə dəydim?
Mirzə dikəldi, yolduğu bir çəngə alağa tövşüyə-tövşüyə baxdı və tövşüyə-tövşüyə Qədirin gözləmədiyi bir söz dedi:
– Ölməyə gəlmişəm, Qədir.
Qədir əlindəki alağı yerə tulladı, ağzını açıb mat-mat Mirzəyə baxdı. Handan-hana:
– Bıy, əşi, səni istəməyənlər ölsün, – dedi və qəhərlənə-qəhərlənə gözlədi ki, yəqin indi Mirzə ağlayıb ürəyini boşaldacaq, amma gördü ki, Mirzə ağlayana oxşamır, çox toxtaqdı, onda Qədir də toxtadı. Dedi:
– Qağa, bu nə sözdü danışırsan?
Mirzə yenə tövşüyə-tövşüyə:
– Əcəlim çatıb, – dedi, – amma Güldəstə bilməsin ha. Eşitdin, Qədir? Ölməyə gəlmişəm vətənə. – Yenə ata-anasının qəbrinə baxdı, fikirləşdi ki, günü sabah usta tapıb bu qəbirləri düzəltdirmək lazımdır, yoxsa sonra gec olar.
Mirzə təzədən üzünü matı-qutu qurumuş Qədirə tutub, yorğun-yorğun gülümsədi, solğun bənizinə təbəssüm işığı yayılanda Mirzə o qədər gözəl, yaraşıqlı göründü ki, Qədir onun ölümünə heyifsiləndi, istədi ağlasın. Qəhərdən boğula-boğula:
– Qağa… – dedi.
Mirzə başını qaldırıb tərtəmiz səmaya baxdı. Havanı ciyərlərinə elə çəkdi ki, qansız dodaqları səyridi, elə dodaqları səyriyə-səyriyə də dedi:
– Ölməyə vətən yaxşı, Qədir… vətən yaxşı.
Qəbiristanlıqdan çıxandan sonra Mirzə rayonu, maşınla da olsa, gəzmək, qırx il bundan qabaq qoyub getdiyi yerlərə axırıncı dəfə baxmaq qərarına gəldi. Qədir tələsdi, qorxdu ki, birdən Mirzənin sözü gerçək olar, Mirzə doğma yurdu görməmiş ölər – “Jiquli”ni o küçəyə sürdü, bu küçəyə sürdü, göstərməli nə vardısa, hamısını Mirzəyə göstərdi. Mirzə gördü ki, bura tamam başqa aləmdi, bura onun qoyub getdiyi tozlu-palçıqlı rayon deyil, burda yastı damlardan, qarğı çəpərlərdən əsər-əlamət qalmayıb. Nə araba var, nə arabaçı. Maşınlar belədən eləyə şütüyür, elədən be-ləyə… Bütün küçələrə asfalt döşənib. Burda daşdan evlər tikilib ki, tamaşasına adam iki göz də borc almaq istəyir. Təzə bazar, təzə xəstəxana, ikimərtəbəli univermaq, mədəniyyət sarayı, musiqi məktəbi… Bunları görəndən sonra arxayın ölmək olar. Amma ölməmişdən əvvəl o iki qəbri abıra salmaq lazımdır. Bir də Həsəni axtarmaq, sağdırsa, tapıb onun könlünü almaq lazımdır, yoxsa Mirzənin sağ əlinin içi o dünyada da gör-gör göynəyəcək. Ondan sonra rayonun ortasındakı bağda, bir palıd ağacının kölgəsində oturub doğma yurdun havasından doyunca udmaq və bu torpaqla halallaşmaq olar. Vəssalam! Yox, nə vəssalam? Səhərdən bəri Mirzənin ürəyini didim-didim didən qaranlıq bir məsələ qalır, indi, bu dəqiqə onu aydın laşdırmasa, Mirzə bu dünyadan nisgilli köçəcək.
Mirzə dedi:
– Qədir, mən bura gələndə dədə-baba evimizə getmək istədim, amma çaşıb qaldım, evi tapa bilmədim, adamlardan soruşmağa da utandım. Yəni təzə evlərin içində itib-batıb evimiz? İndi kimlər olur orda?
Qədir dodaqlarının qıraqları ilə gülümsəyib, maşını bağın ayağından geri döndərdi.
Rayonu tən yarıya bölən ensiz Qarqar çayının üstündəki dəmir körpüdən keçdilər… Bax, bu çaydan bir az aralıda od dəyirmanı vardı – indi yoxdu. Yerində ikimərtəbəli bina tikilib, deyəsən, idarədi… Sağ yanda gümbəzli hamam olmalı idi. Hanı bəs? “Bizim ev gümbəzli hamamın qabağındaydı”.
Qədir maşını saxladı.
– Bu da sizin ev, – deyib gülümsədi. Gördü ki, Mirzə bulud kimi tutulub, o da ciddiləşdi. Dedi:
– Ev də adam kimidi: yiyəsiz, baxımsız qalanda tez qocalır… Hökumət dəyərini verib sökdü, yerində də görürsən də…
Evin yerində balaca daş meydança salınmışdı, meydançanın içində söykənəcəkli taxta skamyalar qoyulmuşdu. Lap ortada hovuz vardı. Mirzə gözlərini dibi görünən dayaz hovuza zilləyib soruşdu:
– Bəs tut ağacı hanı? Burda tut ağacı vardı.
Qədir cavab vermədi, fikirləşdi ki, Mirzə qəribə adamdı, atasından o boyda evi yerlə-yeksan olub, yurdu dağılıb, onun dərdini çəkmir, bir qartımış ağac hayındadı…
Qonum-qonşu gecə yarıdan keçəndə dağılışdı. Mirzəni sorğu-suala tutub əldən salmışdılar. Uşaqlar yatışandan sonra otaqda Mirzə, Qədir, bir də Güldəstə qaldı. Güldəstə deyəsən, səhərə qədər Mirzəylə diz-dizə oturmaq fikrində idi. Sandıqdan saralmış bir şəkil çıxardıb:
– Sən yadıma düşəndə buna baxıram, – dedi. – Heç yadımdan çıxırsanmı? Ay tövbə!
Bu şəkil nə vaxtın şəkli idi, görəsən? Burda Mirzə də cavan idi, Nina da; uşaqlar da körpə idilər. Bu şəkli Güldəstəyə kim göndərib? Bu şəkildən Mirzəgildə, deyəsən, yoxdu heç. Mirzə şəkli alıb arxasına baxdı və öz xəttini tanıdı: “Sevimli ata-anama!” Nədənsə, bu sözlərdən zəhləsi getdi. Şəkli bacısına qaytardı və hiss elədi ki, bacısı bu şəkillə bağlı onun nəsə deyəcəyini gözləyir.
Mirzə dedi:
– Heyif Ninadan, yaxşı adam idi.
Güldəstə şəklə zənlə baxa-baxa:
– Gəlinimizi görmək bizə qismət olmadı, – dedi, sonra da əlavə elədi ki: – Maşallah, yaxşı uşaqların var, kuklaya oxşayırlar.
Mirzə gülümsədi:
– İndi day kuklaya oxşamırlar, – dedi, – yekəliblər… Orda Tolikin beş-altı yaşı olar, Maya da ondan üç yaş kiçikdi.
Güldəstə qardaşının qəlbinə dəyməkdən qorxurmuş kimi ehtiyatla danışdı:
– Qurbanım olum, bir nisgil ürəyimi parçalayır, axı. Ayaqlarının altında ölüm, a Mirzə, bəs belə də dərd olarmı ki, sənin balalarının ayağı bu torpağa dəymədi. Balaların bizi tanımırlar, biz də onlara həsrətik.
Mirzə yumruğunu ağzına dirəyib iki dəfə öskürdü və Güldəstə başa düşdü ki, qardaşı cavab tapmaqda çətinlik çəkir, başa düşdü ki, indi bu söhbətin, bu şikayətin məqamı deyildi.
Güldəstə təzədən şəklə baxıb, kövrələ-kövrələ soruşdu:
– Dərdin mənə gəlsin, qardaş, balaların sənə görüm-baxım eləyirlərmi?
Qədir arvadına gözlərini ağartdı, amma Güldəstə ərinin hədəsini vecinə almadı. Qədir gözlərini təzədən zillədi Mirzənin ağzına.
Mirzə gülümsəyə-gülümsəyə dedi:
– Mənim pensiyam onların maaşından çoxdu. Bilmirəm nəyə xərcləyim, hara xərcləyim. Hərdən mən onlara görüm-baxım eləyirəm.
Mirzənin gözləri süzülürdü, bənizi bir az da ağarmışdı. Qədir arvadına təpindi.
– Dur, kişinin yerini sal, aaz!
Yatağına uzananda Mirzə bu qərara gəldi ki, sabah Həsəni soraqlasın. Bəlkə Həsənin sümüyü də sürmə olub? Sağdırsa, qoy Mirzəni bağışlasın, ölübsə, qəbri nurla dolsun… Sonra Mirzə nazik adyalı sinəsinə çəkib qulaq verdi ki, qurbağalar indi quruldayar, bir azdan quruldayar. Ha gözlədi, qurbağa qurultusu eşitmədi. Bunlara nə oldu, bunlar hara yoxa çıxdı görəsən? Qurbağa od dəyirmanı deyil, gümbəzli hamam deyil. Salman kişinin evi deyil – sökələr, izi-tozu da qalmaya. Yəni bu həndəvərdə ikicə qurbağa yoxdu ki, ağız-ağıza verib quruldaya?
Huşa gethagetdə Mirzə o biri otaqda nazik bir inilti eşitdi: Güldəstə inildəyirdi. Demək, Qədir dilini dinc sax laya bilməyib, Mirzənin vətəndə ölmək niyyətini danışıb Güldəstəyə. Eh, ay Qədir, ay Qədir… Dörd övlad atasısan, nəvən də var, saçın-saqqalın ağarıb, amma ağzında su ilinmir[5 - İlinmək– azca qızmaq, ilıq olmaq].
Xərcin çoxluğu Mirzəni qorxutmadı, Mirzə Şuşadan boz mərmər gətirdi, qəbirlərin ikisini də eyni biçimdə düzəltdirdi. Ustaya Mirzə özü kömək eləyirdi: qəbiristan lığın ortasındakı hovuzdan su gətirirdi, palçıq qarışdırırdı, amma qəribə idi ki, əvvəlki təki yorulmurdu, təngnəfəs olmurdu, hiss edirdi ki, bədəninə təpər gəlir. Bu gün dəmir şəbəkəni – qəbirlərin hasarını da gətirib qoyacaqdılar və buradakı iş tamam olacaqdı. İşin belə tez qurtarmağı Mirzənin ürəyincə deyildi, ona elə gəlirdi ki, görəcəyi işlər azaldıqca ölümü yaxınlaşır. Mirzə tez ölmək istəmirdi, düzünə qalsa, heç ölmək istəmirdi; bura gəldiyi iyirmi gündə əməlli-başlı dirçəlmişdi. Güldəstə də, Qədir də səhər-səhər yerlərindən duran kimi Mirzəyə baş çəkirdilər, altdan-altdan onun rəng-rufuna fikir verirdilər. Mirzə hər dəfə süfrədəki nemətləri xımır-xımır yeyəndə Güldəstənin qonur gözləri nəmlənirdi. Güldəstə o biri otağa keçib, üzünü tavana tuturdu: “İlahi, kərəminə min şükür, – deyirdi, – bircəcə qardaşımın yanaqlarına qan gəlib. Sənə atam-anam qurban, ya Rəbb, mənə qardaş vayı, qardaş dağı göstərmə, Mirzədən qabaq mənim canımı al”. Güldəstə qardaşının əvəzinə ölməyə, doğrudan da, hazır idi, çünki Qədir demişkən, Mirzə axırda oğulluq, övladlıq borcunu başa düşüb, valideynlərinin ruhunu şad eləyib. Hərçənd vaxtı çox ötürüb, amma nə eybi, kişi fərli iş görüb. Ləng tərpənmək, gecikmək, onsuz da Mirzənin keçmiş peşəsidir.
Atası öləndə də Mirzə dəfnə gecikdi. Kişi də payızda köçdü dünyadan. Onda da hava bir az sərintəhər idi, yer-yurd xəzəllə dolu idi, qollu-budaqlı tut ağacı da lümlüt idi. Hər şey anası öləndə olduğu kimi idi, intəhası Salman yox idi bu həyətdə, indi onun əvəzində Qədir kürəyini tut ağacına söykəyib gözləyirdi ki, Mirzə ağlasa, o da ağlasın. Mirzə dodaqlarını çeynəyə-çeynəyə Güldəstənin ağısına qulaq asdı, bulud kimi tutuldu, bıçaq vursaydın Mirzənin bir damcı qanı çıxmazdı, di gəl ki, gözləri nəmlənmədi. Bu Mirzə daşdı, qayadı, ağacdı nədi görəsən? Anası öldü – ağlamadı, atası öldü – ağlamadı. Bəs nə vaxt ağlayacaq bu? Mirzə tut ağacının cadar-cadar gövdəsinə baxdı, ağac qocalmışdı, qurumaqçün bir himə bənd idi. Mirzə fikirləşdi ki, bir də yolu doğma yurda düşsə, şahtutu yerində görməyəcək, yəqin şahtut axırıncı payızını yaşayır. Həyətdəki xəzəl də, indi sahibsiz qalmış ev də, ağaclar da adama kədər gətirirdi. Mirzə dərindən ah çəkdi, üzünü Qədirə tutub, hüznlü səslə soruşdu: “Atam öləndə nə vəsiyyət elədi, nə soruşdu?” Qədir kürəyini ağacın qartımış gövdəsindən araladı, hələ də zümzüməylə ağlayan arvadına baxa-baxa dedi: “Kişi neçə gün səni arzuladı… Rəhmətliyin dilində elə sənin adın idi”.
Mirzə iki gündən sonra qayıtdı: icazə almışdı, iş adamı idi, burda çox qala bilməzdi, həm də vaxtının çoxunu yol aparırdı – oracıq deyil, buracıq deyil, get ki, çatacaqsan…
“Jiquli”nin siqnalını eşidəndə Mirzə fikirdən ayrıldı. Gördü ki, Qədir maşından düşüb, gülümsəyə-gülümsəyə ona tərəf gəlir.
Qədir dedi:
– Qağa, on iki Həsən tapmışam, amma heç hansı sən axtaran döyül. Çopur Həsən var… Qayğanaq Həsən… Moyka Həsən… Köndələn Həsən… Kukla Həsən… Çoxu da səndən cavandı.
– Mən axtardığım Həsənin üzündə dəmrov vardı.
Təəccübdən Qədirin qaşları dartıldı.
– Başına dönüm, qağa, indiyə dəmrov qalar?
– Rayona bitişik binədən gəlmişdi.
– İndi binə nə gəzir? Rayon addayıb keçib binənin üstündən. Amma tapacam, fikir eləmə, sağdırsa, əlimdən qurtara bilməz.
Mirzə minnətdarlıq yağan baxışlarını Qədirin qaramtıl üzündə gəzdirdi. Qədir necə qayğıkeş, necə istiqanlı adam imiş. Bu ucaboy, arıq kişinin gücünə, təpərinə, fərasətinə bax. Çörək zavodunda işini də görür, bazarlıq da eləyir, həyət-bacada da əlləşir, hələ desən, Mirzənin qulluğunda da durur.
Qədir qəbirlərin mərmər sinədaşılarına baxa-baxa dedi:
– Qağa, bunları mən də düzəltdirə bilərdim, amma kürəkən bir ayrı, oğul bir ayrı.
Mirzə yeznəsinə dil-ağız eləmək istəyirdi ki, yük maşınında qəbirlərin hasarını gətirdilər. Dəmir şəbəkə çox böyük idi, içinə dörd beş qəbir sığardı.
Qədir soruşdu:
– Qağa, bu boyda hasar nəyə lazımdı?
Mirzə başını mənalı-mənalı tərpətdi.
– Bəs özüm? – dedi, amma bu fikirdən indi bir az qorxan kimi oldu. Söz ağzından çıxmışdı, dalını gətirməliydi. – Aralarında yer yoxdu, yanlarında yer seçmişəm… Anam tərəfdən… Sağda atam, solda mən, ortada anam…
Adamın öz ölümündən belə arxayın danışa biləcəyi Qədirin ağlına heç cür batmırdı; Mirzə elə danışırdı, guya sabah həyət-bacada görəcəyi işigötür-qoy edirdi.
Mirzə gözləri yol çəkə-çəkə:
– Belə-belə işlər, – dedi, sonra özünə gəlib, yan-yörəyə baxdı.
Bahar günəşinin qırmızımtıl-sarı şəfəqi yerə çökmüşdü və bu şəfəqdən yaşıl, tər otlar, çiçəklər, ağaclar – hər şey alov rənginə çalırdı. İlıq havadan qızılgül ətri gəlirdi, uzaqda-yaxında quşlar cikkildəşirdi. Mirzə fikirləşdi ki, ilin bu əyyamında ölümdən danışmaq, vallah, axmaqlıqdır.
Mirzə rahat köks ötürüb, gözlərindən təbəssüm tökülə-tökülə güzgü təki tərtəmiz göyə baxdı.
Elə bu vaxt yük maşınının sürücüsü – cavan oğlan – Qədiri səslədi.
– Qədir dayı, mənə Həsən məsələsi demişdin ha!
Qədir hələ heyrətdən özünə gəlməmişdi – key-key soruşdu:
– Nə Həsən, ə?!
Oğlan dedi:
– Tapşırmışdın ki, harda Həsən görsəm, sənə xəbər eləyim. Birini tapmışam… Rayona lap yaxındakı kolxozda – “Şəfəq”də işləyir. Mexanikdi… Yaşı altmış olar, familiyası da Novruzovdur.
Qədir Mirzənin üzünə baxdı.
– Sənin Həsəninin familiyası Novruzovdu?
Mirzə başını buladı:
– Yadımda deyil.
* * *
Səhərisi gün rayonun yaxınlığındakı kolxoza Mirzə tək getdi.
Uzun talvarın altında çoxlu pambıqyığan maşın vardı, burda adamlar vur-həşirlə işləyirdilər. Mirzə kənardan hamıya göz qoydu, amma axtardığı Həsənə bənzəyən adam görmədi. Həsəni soruşdu. Maşınlardan birinin yanında ortaboy, dolubədən bir kişi qabağa gəlib, əllərini çirkli əskiyə silə-silə:
– Həsən mənəm, – dedi.
Mirzə zəndlə kişiyə baxdı. Yox, əşi, o Həsən hara, bu Həsən hara? O, arıq idi, onun boğazı armud saplağı kimi idi, gözləri də alma boyda. Bu, cantaraqdır, sağlamdır, bunun biləkləri pəhləvan biləklərinə oxşayır, gözləri o qədər də iri deyil.
Mirzə başını bulayıb mızıldandı:
– Bağışlayın, mənə başqa Həsən lazımdı.
Kişi gülümsədi.
– Nə fərqi var? – dedi. – Mən də dünyadakı Həsənlərdən biri. Əgər Həsənə işiniz düşübsə, mən hazır.
Mirzə sağ əlini sinəsinə qoyub:
– Var olun, – dedi. – O Həsən arıq oğlan idi… Üzündə dəmrov vardı… Xəstəhal… Gözləri də…
Kişi, Mirzənin sözünü yarımçıq kəsdi:
– Həsənin oğlanlığından gör nə qədər vaxt keçir. Hər il bircə kilo ətlənsə, bircə qırıq dəyişsə…
Mirzə də onun sözünü yarımçıq kəsdi:
– 39-cu ildə biznən yeddinci sinifdə oxuyurdu. İmtahanlara bir ay qalmış çıxıb getdi.
Kişi səsini alçaldıb, gözlərini qıya-qıya dedi:
– Çünki Qeysər müəllimin dərsində sən ona bir sillə vurmuşdun.
Mirzənin içindən bir sızıltı keçdi, sağ əli gör-gör göynədi, dili topuq çaldı.
– Mən… Mənim yanımda… mənnən qonşu bir qız otururdu. Yanımdakı partada… Alagöz, sarıbəniz… Adı da ya Çiçək idi, ya Göyçək.
Həsən:
– Yox, – dedi, – nə Çiçəkdi, nə Göyçək… Adı Qəşəngdi… Gözləri ala.
– Hə.
– Saçları sarı.
– Hə.
– Sən tərəfə çox baxardı.
– Doğrudu.
– İndi mənim arvadımdı o… Matın-qutun qurumasın, həmin Həsən mənəm. Mən səni görən dəqiqə tanıdım.
Mirzənin qıçlarına zəif bir əsməcə gəldi. Mirzə bilmədi Həsənə əl versin, yoxsa qucaqlasın onu.
Həsən özü qucaqladı Mirzəni.
– Xoş gördük! – dedi. – Hərdən yadıma düşürdün. Ürəyimdən keçirdi ki, səni bir görəydim, sənə “sağ ol” deyəydim. Sən onda məni vurmasaydın, mən Qəşənglə evlənməyəcəkdim… Onda gözlərimdən alov püskürdü. Həmin dəqiqə özümə söz verdim ki, Mirzənin acığına bu qızı alacam.
Mirzə, Həsənin qolları arasından çıxıb, onun qabarıq sinəsinə, enli çiyinlərinə nəzər saldı.
– Bir buna bax, – dedi, – onda skeletə oxşayırdı, adam bundan ürpənirdi.
– Onda 39-cu il idi, qardaş, indi 85-di. Gör neçə il keçib. – Həsən yaxınlıqdakı maşının yanında işləyən oğlanı göstərib:
– Kiçiyimdi, – dedi, – mənə oxşayır?
Mirzə gözlərini qıyıb oğlana baxdı.
– Yox, sarışındı, anasına oxşayır, – dedi və birdən oğlanı səslədi:
– Ay bala, onu düz qoymursan! – Mirzə oğlana yanaşdı, açarı ondan alıb özü başladı işləməyə.
Həsən dedi:
– Sən olan tərəflərdə pambıq əkmirlər, bu maşına hardan bələdsən?
Mirzə əllərini Həsənin əlindəki əsgiyə sildi.
– Mən motorçuyam, – dedi. – Daş kömür mədənində cürbəcür maşın var. Davada da tankçı olmuşam. Motorlardan başım çıxır. Davada olmusan?
– Məni 44-də apardılar. Topçu idim, yüngül bir yara da almışam. – Həsən birdən-birə söhbətin səmtini dəyişdi.
– Nə əcəb güzarın bu yerlərə düşüb?
Mirzə cavabı ləngitdi, istədi desin ki, ölməyə gəlmişəm, ancaq demədi; bilirdi ki, köçünü o dünyaya hazırlayan adama oxşamır. Gördü ki, Həsən gözlərini zilləyib onun ağarmış qaşlarına, dedi:
– Torpaq çəkib gətirir.
Gecə yatağına uzananda Mirzə canında xoş bir yorğunluq duydu… Yuxuya nə vaxt getdiyindən özünün də xəbəri olmadı…
Obaşdandan siqnal səsinə oyandı. Sonra Qədir artırmadan çağırdı onu:
– Qağa, çöldə səni bir kişi gözləyir!
Mirzə pijamada tez küçəyə çıxdı. Tez də qayıtdı. Şüşəbənddə dayanıb nigaran-nigaran ona baxan bacısına dedi:
– Həsən “Jiquli”ynən gəlib dalımca. Bir az yemək qoy, aparım, bəlkə gec qayıtdım. Maşınları yığıma hazırlamaq lazımdı… İş çoxdu.
Mirzə otağa keçib paltarını tələm-tələsik dəyişdi. Güldəstənin mətbəxdə bağlama düzəldə-düzəldə ağlamağından xəbəri olmadı.
oktyabr, 1985
Duz
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.
– Al, hələlik bunu xərclə…
Seymur səliqə ilə bükülmüş pulun arasını açdı. Üç dənə qırmızı onluğu görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı. Ayrılıq dəqiqələrində ürəyini sarmış kövrəklik əriyib getdi. Deyəcəyi vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Gözucu anasının ciblərinə baxdı. “Bəlkə yenə verdi?.. Bəlkə…”
Firuzə sanki oğlunun titrəyən barmaqlarını görməmək üçün üzünü döndərdi. Baxışları həsir zənbilin üstündə dolandı:
– Maşın küçədə səni gözləyir.
Seymur qırmızı onluqları ovcunda sıxıb yumruladı:
– Otuz manatla hara gedim?
Firuzə istədi oğlunun hirsini dağıtsın, könlünü alsın. Gülümsədi. Və tez də peşman oldu; anladı ki, bu təbəssüm Seymurun olan-qalan səbrini çalxaladı, daşdırdı.
Oğlan pulu stolun üstünə atdı:
– Bilsəydim belə olacaq, heç qış tətilinə gəlməzdim. Başqaları öz uşaqlarını ağıllı-başlı yola salırlar.
Ana köks ötürdü.
– Bizim də gücümüz buna çatır.
– Elə bilirsiniz tələbə olmaq asandır? Şəhərdə dolanmaq asandır?
Seymurun səsi də titrədi, dodaqları da. Atası ilk dəfə onun nəzərində adiləşdi, balacalaşdı: “O da gedib özünə sənət tapıb. Poçtalyonluqdan nə çıxar? Otuz ildir onun-bunun qapısına məktub daşıyır. Cibləri də boş”.
Firuzə istəmirdi ki, Seymur evdən narazı getsin. İstəmirdi ki, bu vida dəqiqələri sonralar ağır daş olub ürəyindən asılsın. Ana oğlunu məhəbbətlə süzdü:
“Arıqlayıb Seymur. Rəngi də ağarıb. Ağız-burnu nəcimləşib. Yəqin çətinlik çəkir, doyunca yemir. Neynəsin, yanında anası yox, bacısı yox…”.
Ana ayrılığın, həsrətin dad-tamını bilirdi. Altı aydan bəri gecəli-gündüzlü bütün fikri-zikri oğlunun yanında olmuşdu. Bircə qismət çörək yeyəndə də, bircə içim su içəndə də Seymuru xatırlamışdı: “Görəydim günləri necə keçir balamın!”.
Seymurun tətildə olduğu müddətdə ana onunla üz-üzə çox oturmuşdu; doymamışdı. Firuzə bu ayrılıq anını qorxa-qorxa gözləmişdi. Özünə söz vermişdi ki, Seymur yola düşəndə ağlamasın: “Uşaq birdən könlü qırıq gedər”.
– Bacarmırsınız, oxutmayın. Hələ birinci kursu qurtarmamışam. Bəs beş il məni necə dolandıracaqsınız?!
Firuzə cavab verə bilmədi. Ürəyində ərinin qarasına deyindi: “Heç olmasa gəlib uşağı yola da salmadı. Bu yağışlı gündə çantasını atıb getməsəydi dünya dağılmazdı ki!”
Küçədə maşın siqnal verdi. Ana stolun üstündən əzik pulları götürüb Seymura uzatdı:
– Al, bala, dəlilik eləmə.
– İstəmirəm!
– Axı təqaüd də alırsan.
– Ondan sizə nə?! Aldığım ayın başına çatmır. Ac qalanda kimin qapısına gedim?! Elə bilirsiniz yeməkdən savayı xərclərim yoxdu?
– Biz də atanın maaşı ilə dolanırıq, bala. Axı səndən başqa evdə iki bacın da var.
– Məni adam yerinə qoymursunuz. Şəhərdə batsam da vecinizə gəlməz.
Maşın uzun-uzadı siqnal verdi. Seymur şəhadət barmağını çiyni üstdən qapıya tuşladı:
– Uşaq oxudan elə olar. Oğlunu öz maşınında stansiyaya göndərir. Mən də onun qoltuğuna qısılmışam. Mənim atam…
Firuzənin ərinə yazığı gəldi. Cansız-cəsədsiz kişinin bu yağışlı, küləkli gündə palçığa batıb qalacağından qorxdu. Naxoşlayıb yatağa düşəcəyindən qorxdu. “Pay-piyada nə qədər gəzmək olar?” Ayaq döyməkdən bədbəxtin canının suyu da quruyub. Bir dəridir, bir sümük… Gör neçə ildir… Gör ha”.
Yenə siqnal səsi eşidildi; dalbadal, əsəbi Seymur çamadanın qulpundan yapışdı. Ana yalvardı:
– Ağrın mənə gəlsin, pulu al. Yenə tapıb göndərərik. Bir az… qənaətlə xərclə, israfçılıq eləmə.
– Yoxsa bu vaxta qədər gen-bol xərcləmişəm?! Bilirsən borc almaq nə deməkdir?! Şəhərdə olmusan? Bir stəkan suyu da pulsuz vermirlər.
– Al, bala.
– İstəmirəm! – Oğlan zənbili də götürdü.
Firuzə əzilib yumrulanmış pulu Seymurun paltosunun yan cibinə saldı.
– Dərdin mənə gəlsin.
Oğlan anasının ağarmış, xəstəhal çöhrəsinə baxdı. Titrəyən qansız dodaqlarına baxdı. Onun gözlərindəki nəmi sezmədi. Ürəyinin ağrılı-acılı döyüntüsünü eşitmədi. Qapını itələyib çıxdı.
Küləyin əydiyi çəpəki yağış ananın üzünə, sinəsinə nöqtə-nöqtə çırpırdı…
“QAZ-69” tərpəndi. Seymur yanındakı yoldaşının adda-budda suallarını cavabsız buraxdı. Gözlərini maşının aramla, xışıltı ilə işləyən şüşətəmizləyəninə dikib fikirləşdi: “Dedilər, orta məktəbi qurtaranda sənə bahalı kostyum alacağıq. Əvəzində altmış manatlıq ucuz kostyumu aldılar. Dedilər, instituta girsən sənə qızıl saat alacağıq. Almadılar. Saat üçün cəmi-cümlətani iyirmi beş manat göndərdilər. İndi də… Pulları yoxdur, mənə nə? Haradan tapırlar-tapsınlar. Nə vaxta qədər qorxa-qorxa, qənaətlə xərcləyəcəyəm?.. Atam məni ötürməyə də gəlmədi… Verdikləri otuz manatı Bakıya çatan kimi poçtla geri göndərəcəyəm”.
Maşın dikə dırmaşan palçıqlı yolu güclə çıxdı. Üzbəüz gələn bir kişi əl qaldırdı, sonra dərənin dibini göstərib nəsə qışqırdı. Sürücü maşını saxladı. Qapını açıb aşağıya baxdı.
– Seymur, deyəsən, anandır, dalımızca yüyürür.
“Görəsən nə olub? Məni neynəyir?” Seymur maşından düşdü. Təzə qəhvəyi tuflilərinin palçığa batacağından ehtiyat edib, təmiz yer seçə-seçə ayaqlarının ucunda təpənin üstünə gəldi. Qara şala bürünüb dikə dırmanan anasını gördü. Arvad kəsə yolla sürüşə-sürüşə qalxırdı. İki dəfə büdrəyib dizlərini yerə verdi. Sağ əlini tez-tez başının üstünə qaldırıb yelləyirdi.
Yağışın suyu oğlanın boynuna, bədəninə süzüldü. Əti çimçişdi. Silkələnib geri döndü. Ayaqlarını ehmalca qoya-qoya özünü maşına saldı. “Pul gətirir, qoy gətirsin”.
– Bəlkə qabağına gedək? – deyə yoldaşı soruşdu.
– Çatıb. – Seymur üzünü, boynunu yaylıqla sildi, sarı, tüklü papağını çıxarıb çırpdı.
Firuzə oğlu tərəfdəki açıq dal qapıya özünü güclə yetirdi. Bənizi ağappaq idi. Nəfəs aldıqca bütün bədəni uçunurdu. Qurumuş boğazını yaşlamaq üçün tez-tez udqunurdu. Seymur anasının hədəqədən çıxmış nursuz gözlərinə baxdı:
– Nə olub?
Arvad ovcunda tutduğu bükülü kağızı Seymura uzatdı. Oğlan kağızı əlinə alıb barmaqları ilə yoxladı:
Firuzə sanki son nəfəsini topladı:
– Sənə zənbildə… soyutma toyuq… yumurta qoymuşam… Duz yadımdan çıxmışdı. Elə yerə qoy… islanmasın.
Seymur ağzını geniş açıb ciyərdolusu hava udan anasının göyərmiş nazik burnuna baxdı. Onun üzündəki ifadəni yağış tellərinin arxasından sanki daha aydın görmək üçün gözlərini qıydı: “Bunlar məni dolayıblar. Bunlar məni adam saymırlar”.
Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb, qapını zərblə çəkdi. Maşın tərpəndi. Təkərlərdən qopan horra palçıq yola səpilmiş narın ağ duzun üstünü tamam örtdü…
1968
Talisman
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən Allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, –dedi, – gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi…
Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şı rıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
Ağarəhim maqnitofonun ağzındakı kaseti barmağı ilə qabağa basdı və türk qızının sərxoş kişi səsinə bənzəyən boğuq, yorğun səsi maşının salonuna dolub, təkərlərdən qopan şəlalə şırıltısını batırdı.
Benim könlüm sərxoşdu –yıldızların altında,
Sevişmək, ah, nə xoşdu –yıldızların altında.
Yanmam, könlüm yansa da,
Əcəl beni alsa da,
Gözlərim kapansa da –yıldızların altında.
Mahnıya qulaq asa-asa Ağarəhimin fikri çözələndi. Hə-ə.. Bakıdakı üçotaqlı mənzilində düz bir ay təm-tək yaşayacaq. Bir ay nə arvadının üzünü görəcək, nə qızının. Öz-özünə qulluq edəcək: çay qoyacaq, xörək bişirəcək, mitil-şitil salıb yığışdıracaq. Düzdü, hərdən böyük qardaşıgilə gedəcək, amma bu da onu tənhalıq əziyyətindən qurtarmayacaq.
Ağarəhim evlənəndən bəri hər yay bu kökə düşürdü. Pərvanə orta məktəbdə müəllimə idi, dərslər qurtaran kimi uşağı götürüb atasıgilə gedirdi. Ağarəhim də məzuniyyət gününü gözləyə-gözləyə qalırdı Bakıda. Ağarəhimin arvad-uşağı bu dəfə qatara minəsi olmadı – Ağarəhim onları təzəcə aldığı “Jiquli”də apardı. Maşın yaxşı şeydi, vallah; harda istəyirsən saxla, dincəl. Günün hansı vədəsində istəyirsən otur maşına, sür ürəyinə yatan yerə: dağa, bağa, meşəyə… Amma qəribə xasiyyəti var Pərvanənin: cavanca gəlin olasan, kurorta-zada meyil eləməyəsən? Pərvanə hara desəydi, Ağarəhim aparardı onu. Lap xaricə aparardı; qardaşı Ağakərimin canı sağ olsun –putyovka təşkil eləmək onun əlində nə çətin işdi – bircə zəngi kifayətdi ki, qıfıllı qapılar taybatay açılsın. Di gəl ki, Pərvanə Borçalıdan başqa heç yeri bəyənmir. “Həm də qocalarımın gözləri yoldadı, – deyir. – İldə ikicə ay onların yanında qalmağım da qənimətdi. Axı bizdən savayı onların kimi var?”.
Pərvanənin sözləri Ağarəhimin ağlına batırdı. Doğrudan da, ildə ikicə ay Borçalıdakı qocaların könlünü ovundurmaq Allaha da xoş gedərdi, bəndəyə də. Amma indi Ağarəhim bu qərara gəldi ki, həvəsdi, bəsdi, daha arvadının barmaq tuşladığı boyunduruğun altına girməyəcək, daha avqustun axırınacan Borçalıda ilişib qalmayacaq. Əvvəllər maşını yox idi – əl-qolu bağlı kimi idi – indi, şükür Allaha, maşını da var, pulu da. Bor-çalıda bir-iki həftə qaldı, kifayətdi, sonra arvad-uşağını mindirəcək “Jiquli”yə aparacaq gəzməli, görməli yerlərə. “Bəs maşını niyə almışam, atam-qardaşım, bəs maşına bir ətək pulu nədən ötrü vermişəm? Bağışlasınlar məni Pərvanənin qocaları, mən də ürəyimcə yaşamaq istəyirəm”.
Ağarəhim müşkül bir məsələni öz xeyrinə həll eləmiş adam kimi dərindən, rahat nəfəs aldı və ağlı-huşu bu ma şına, bu yola qayıdanda gördü ki, Qazağa çataçatdadı. İrəlidə, postamentin üstündəki təyyarə abidəsi gün işığında elə parıldayırdı, elə işıldayırdı, deyirdin bəs təyyarə deyil bu, qanadlı bir günəşdi doğub burda. Ağarəhim bilirdi ki, bu abidəni ilk azərbaycanlı təyyarəçinin şərəfinə qoyublar bura. “Sağ olsunlar qazaxlılar, başları iş-gücə nə qədər qarışıq olsa da, ölüb-itən igidlərini yaddan çıxartmırlar”.
Abidənin qənşərində yol haçalanırdı. Sola dönən yol enli idi, asfalt idi, düz Qazağın içinə girirdi və bu yol Ağarəhimi Bakıya aparan yol idi. Sağa dönən yol kənd yolu idi, bu yolda uzaqdan ot tayasına oxşar bir şey saralırdı, amma yaxınlaşandan sonra aydın oldu ki, ot tayası deyil bu, üzü o yana dayanmış yük maşınıdı, kuzovuna o qədər ot qalayıblar ki, kabinəsi-zadı görünmür.
Yolun haçasına çatanda Ağarəhim maqnitofonu söndürdü, sürəti azaltdı, lap haçanın başlanğıcında dayanmış maşının yanından ötəndə qəfil bir taqqıltı eşitdi: “Jiquli” yırğalandı, sağ yandan qabaq qapının şüşəsi çiliklənib oturacağa töküldü. Ağarəhim bu taqqıltıdan, bu yırğalanmadan əvvəl-əvvəl heç nə başa düşmədi, başa düşəndə belindən ağrı qopdu, elə bil böyrəklərinə bıçaq yeritdilər. Əlləri, ayaqları əsdi. Əyləci güclə basıb maşından birtəhər çıxdı.
“Jiquli”nin sağ tərəfdən qabaq qanadı əzik-əzik olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, sağ fənər sınıq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük maşınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər arıq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasaydı, deyərdin bəs uşaqdı.
Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üşütməli adam kimi qolları, qıçları hələ əsirdi. Boğazı qovuşa-qovuşa:
– Neynədin, əşi? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində qaldı.
Amma oğlan onun sualını eşitmişdi. O da səsi titrəyə-titrəyə:
– Bilmədim, ay dayı, – dedi, – görmədim, vallah.
Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi. Ağarəhim güman elədi ki, yəqin öz gözləri də bax beləcə böyüyüb. Ağarəhimin bərkə-boşa düşdüyü vədələr olmuşdu, lap qorxduğu vədələr də olmuşdu, ancaq heç vaxt belindən belə ağrı qopmamışdı. Birinci dəfə idi ki, böyrəkləri bu cür sancırdı, birinci dəfə idi ki, kürəyinin zoqqultusu nəfəsini kəsirdi. Ağarəhim “Jiquli”nin böyründəcə tozlu yola uzanmaq istəyirdi, heydən düşmüş canını hara olur-olsun, yıxmaq istəyirdi, amma uşağa oxşayan çəlimsiz oğlanın yanında şəninə, bazburuduna sığışdırmırdı bunu. Bilmirdi neynəsin, nə danışsın. Bəlkə dişinin dibindən çıxanı desin oğlana, bəlkə basıb döysün onu? Bu nə iş idi, fələk, bu nə qəza idi? Bu ot maşını hardan çıxdı, şey tana oxşayan bu köpəyoğlu hardan çıxdı?
Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözləri düşdü. Pərvanə dönə-dönə demişdi ki, “maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan”. Ağarəhim talismana, gözmuncuğuna, cadu-filana inanmırdı, amma Pərvanənin sözünə baxmamağına indi peşman oldu.
Ağarəhim içindəki əsməcəni büruzə verməmək üçün nəfəsini birtəhər nizamladı.
– Kor idin? – dedi. – Görmürdün ki, mən arxadan gəlirəm?
Oğlan udquna-udquna:
– Görmədim, vallah, – dedi. – Bu andır maşında dalı göstərən güzgü yoxdu. Ot da gözümün qabağını tutmuşdu. Elə dönmək istəyəndə… – Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşa-yaxınlaşa: – Şükür Allaha, salamatlıqdı, – dedi. Maşının xurd-xəşil olmuş qanadına, içəri batmış qapısına baxdı. – Bunlar düzələr, – dedi, – təki ölüm, xəsarət olmasın.
Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda tərslikdən bir ins-cins də görünmürdü – bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin oğlunda zərrəcə günah yoxdu.
Oğlan da Ağarəhim sayağı yan-yörəyə baxdı, sonra iri gözlərini dikdi Ağarəhimin üzünə.
– Ay dayı, – dedi, – it-qurd yığışmamış gəl çıxaq aradan.
Ağarəhim başını buladı:
– Qoy avtoinspektor gəlsin.
Oğlan başladı dil tökməyə:
– Vallah, düzəltdirəcəm maşınını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim boynuma.
Bu “Jiquli”nin daha əvvəlki “Jiquli” olmayacağını fikrinə gətirəndə Ağarəhimin damarlarında qanı tərsinə fırlandı. Ağarəhim içini bürüyən və çıxmağa fürsət, məqam axtaran acığını irigözlü oğlanın başına tökmək istədi. İstədi qışqırsın, ancaq özü də bilmədi ki, səsi niyə yumşaq çıxdı. Ağarəhim öz gücsüzlüyündən, acizliyindən hövlə gələn naçar adam kimi ağlamsındı.
– Nəyi düzəltdirəcəksən? – dedi. – Şikəst eləmisən maşını. Mən sabah Bakıda olmalıydım. Neynəyim indi?
Oğlanın arıq üzündə məlul-məhzun bir ifadə yarandı, iri gözlərindən mütilik töküldü və bu gözlər dilə gəlib dedi ki, “döy məni, söy məni, vur öldür – haq lısan”.
Oğlan çəkinə-çəkinə:
– Gedək, – dedi. – Günü bu gün düzəltdirəcəm. Səni gecəynən özüm aparıb qoyaram Bakıya.
Ağarəhimin susmağı oğlanın dilini bir az da açdı.
– Qurban olum, ay dayı, onsuz da mənim əskim tüstülüdü. Bir xatadan təzəcə qurtarmışam, ikinci xataya düşməyimin sənə nə xeyri? Bir parça çörəyimi əlimdən niyə alasan, axı? Allah səni saxlasın, gedəkmi? İt-qurd gəlməmiş… – Oğlan yük maşınının ayaqlığına qalxdı. – Dalımca sür, – dedi. – Fikir eləmə, vallah düzələcək.
Ağarəhim yuxudan təzəcə oyanıb harda olduğunu kəsdirə bilməyən adam kimi idi. Bilmirdi ot maşınının ardınca getsin, yoxsa gözləsin. Kimi gözləsin, nəyi gözləsin? Bəlkə avtomobil müfəttişi axşama qədər gəlməyəcək bura? Bəlkə bu şeytana oxşayan oğlan “Jiquli”ni, doğrudan da, düzəltdirəcək? Müfəttişi gözləmək havayı işdir. Müfəttiş gəlib neynəyəcək? Ağarəhimə təzə maşın verməyəcək ha.
Ağarəhim “Jiquli”yə oturdu – niyə oturdu özü də bilmədi – irigöz oğlanın ardınca getmək istəmirdi, əzilmiş maşınla yolda da qalmaq istəmirdi. Ağarəhim odla su arasında vurnuxan adama bənzəyirdi, amma bilmirdi ki, od hansı yandadı, su hansı yanda.
Ot maşını yavaş-yavaş uzaqlaşırdı. Ağarəhim maşının ardınca baxdı, baxdı və bayaqkından da betər qorxdu: “Deyəsən, aradan çıxır köpəyoğlu”. Amma ot maşını dayandı, oğlan başını kabinədən çıxarıb Ağarəhimə əl elədi və Ağarəhim “Jiquli”ni kənd yoluna döndərdi…
Az qala bir-birinə bitişik iki-üç kəndin içindən keçdilər. Sonra əsas yoldan çıxıb, ensiz torpaq yola buruldular. Kəndin adı yazılmış dəmir lövhə döngənin tinindəki dirəyə bənd edilmişdi. Ağarəhim gözünün ucuyla baxıb, dəmir lövhədəki yazını oxudu: “Alpoud”. Ağarəhim köks ötürüb, başını buladı: “Bir kəndin ki adı “Alpoud” ola, onun adamları nə təhər olar? “Alpoud” nə deməkdi, ay fələk?”
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/isi-m-likzad/hekay-l-r-68289391/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Samosval– özüboşaldan yük maşını
2
Nəf– xeyir, qazanc, fayda, mənfəət
3
Cəvcə– ağızın küncü
4
Qədək– pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez
5
İlinmək– azca qızmaq, ilıq olmaq