Hekayələr

Hekayələr
Roald Dahl


Hekayə ustaları
Roald Dahlın bu kitaba daxil edilən bir-birindən maraqlı hekayələr istər süjetinə, istərsə də məzmununa görə birnəfəsə oxunur, düşündürür və həyəcanlandırır.





Roald Dahl

Hekayələr





DEQUSTATOR


Həmin axşam Mayk Skofildin Londondakı evində şam süfrəsi arxasında altı nəfər idik: Mayk, arvadı və qızı, mən və arvadım, bir də Riçard Pratt adlı birisi.

Riçard Pratt ətrafda ağzının dadını bilən adam kimi tanınmışdı. «Epikureyslər» adlı kiçik bir cəmiyyətin prezidenti olan bu şəxs hər ay onun üzvlərinə yemək və şərab haqqında broşürlər göndərirdi. Onun təşkil etdiyi nahar ziyafətlərində təmtəraqlı yeməklər və nadir şərablar verilirdi. O, ağız dadını korlamamaq üçün siqaret çəkmirdi və hər hansı bir şərabın keyfiyyəti müzakirə olunanda həmin içki haqqında sanki canlı məxluqmuş kimi rəy bildirirdi, bu da çox məzəli səslənirdi. «O son dərəcə xırdaçıdır, – Riçard Pratt deyirdi, – kifayət qədər utancaq, amma, sözsüz ki, xırdaçı». Ya da: «Mehriban və gümrah şərabdır, bəlkə, bir az kəskindir, amma yenə də mehribandır».

Maykın evində bu vaxtadək artıq bir neçə dəfə Riçard Prattla birgə nahar etmişdim və hər dəfə də Maykla arvadının məşhur qurmanı hər hansı bir xüsusi yeməklə təəccübləndirməsi üçün dəridən-qabıqdan çıxdıqlarının şahidi olmuşdum. Aydın məsələdir ki, onlar bu gün də istisna etmək niyyətində deyildilər. Ayağımızı qonaq otağına basar-basmaz bizi ziyafət gözlədiyini anladım. Hündür şamlar, sarı qızılgüllər, par-par parıldayan gümüş dəstlər, hər qonağın qarşısında şərab üçün üç qədəh və üstəlik, mətbəxdən gələn qızardılmış ət qoxusu, – bütün bunlar ağzımı sulandırdı. Biz süfrə arxasına keçdik və mən Maykın evində bundan əvvəl də olanda onun iki dəfə Prattla bir yeşik şərabdan mərc gəldiyini xatırladım. Qonaq uduşun qarşılığında həmin şərabın növünü və ilini təyin etməli idi. Prattsa söhbətin məlum ildən getdiyi halda bunun heç də çətin olmadığını söyləyir, mərcin şərtləri ilə razılaşır və hər dəfəsində udurdu. Onların bu dəfə də mərc gələcəklərinə və Maykın bu mərci uduzmaq istəyəcəyinə adım qədər əmin idim, belə ki o, şərabının nə qədər yaxşı olduğunu sübut etmək istəyi ilə alışıb-yanırdı, Prattsa öz növbəsində biliyini nümayiş etdirmək fürsətindən son dərəcə məmnun qalırdı.

Nahar yağda xırt-xırt qızardılmış snetoklardan[1 - Snetok – şimal göllərində yaşayan balıq növü] başladı, onun yanında mozelveyn[2 - Mozelveyn – Almaniyanın ən qədim şərab bölgələrindən biri olan Mozel çayı vadisində hazırlanan yüngül ətirli şərab növü] verdilər. Mayk ayağa qalxıb şərabı özü süzdü, o öz yerini alandan sonra isə Riçard Prattı müşahidə etdiyini gördüm. Şərab şüşəsinin etiketini görə bilməyim üçün mənim qarşıma qoymuşdu. Onun üzərində yazılmışdı: «Qayersley Oliqsberq, 1945». Mayk mənə tərəf əyilib pıçıldadı ki, Qayersley Mozeldə kiçik bir kənddir və bu kənd Almaniya hüdudlarında, demək olar ki, tanınmır. O dedi ki, hazırda içdiyimiz şərab o qədər də adi deyil. Həmin yerlərdə o qədər az şərab istehsal edirlər ki, kənardan gələn birisi onu əldə edə bilməz. Bu şərab növünü əldə etmək üçün ötən yay şəxsən özü Almaniyaya gedib və çətinliklə də olsa bir neçə düjün ala bilib.

– İngiltərədə bundan daha kimdəsə olduğuna şübhə edirəm, – o bunu deyib Riçard Pratta baxdı. – Mozelveyni fərqləndirən cəhət, – o, səsini ucaldıb sözünə davam etdi, – onun klaretdən[3 - Klaret – Bordonun bir neçə qırmızı şərab növünün ümumi adı] əvvəl yaxşı getməsidir. Çoxları klaretdən əvvəl reynveyn[4 - Reynveyn – Reyn çayı sahilindəki üzümlüklərdən istehsal olunan şərab növü] içirlər, amma onlar daha yaxşının dadından xəbərsiz olduqları üçün belə edirlər. Heç bilirsiniz ki, reynveyn klaretin zərif ətrini öldürür? Reynveyni klaretdən əvvəl içmək, sadəcə, cahillikdir. Mozelveynsə başqa məsələ.

Mayk Skofild ortayaşlı xoşagəlimli adam idi. O, birjada makler işləyirdi. Daha dəqiq desək, fond birjasında komisyonçu və bu peşənin bəzi nümayəndələri kimi, deyəsən, elə bir əhəmiyyət kəsb etməyən bacarığı qarşılığında yaxşı pul qazanması onu azacıq, bəlkə də, lap çox utandırırdı. Qəlbinin dərinliyində adi broker olduğunu dərk edirdi və bunu dostlarının da bildiyindən şübhələnirdi. Odur ki indi mədəni insan olmağa, ədəbi və estetik zövqünü inkişaf etdirməyə, tablo, not, kitab və bu cür şeylər yığmağa can atırdı. Maykın reynveyn və mozelveyn haqqında kiçik moizəsi onun can atdığı mədəniyyətin tərkib hissəsi idi.

– Gözəl şərabdır, sizə də elə gəlmir ki? – o soruşdu.

Mayk yenə Riçard Prattı izləyirdi. Mən onun hər dəfə ağzına balıq atmaq üçün süfrəyə sarı əyiləndə masanın o biri başına gizlicə nəzər saldığını görürdüm. Mən sözün əsl mənasında bütün vücudumla hiss edirdim ki, o, Prattın ilk udum edib gözlərini qaldıracağı, bu baxışlarda təəccüb, bəlkə də, heyrət oxunacağı anı gözləyir. Sonra müzakirə açılacaq və Mayk ona Qayersley kəndi haqqında danışacaq.

Lakin Riçard Pratt heç şərabın dadına baxmaq niyyətində deyildi. Onun başı Maykın on səkkiz yaşlı qızı Luiza ilə söhbətə qarışmışdı. Qıza sarı yanakı oturan Pratt üzündə təbəssüm ona Paris restoranlarından birinin baş aşpazı barədə danışırdı. O, söhbət əsnasında vəcdə gələrək get-gedə Luizaya yaxınlaşır və az qala qızın üstünə yıxılırdı. Prattdan mümkün qədər uzaq durmağa çalışan biçarə qız başını nəzakət xətrinə tərpətsə də, eyni zamanda ümidsiz baxışlarını onun üzünə deyil, smokinqinin yuxarı düyməsinə dikmişdi.

Biz balığı yeyib-qurtaran kimi otağa girən qulluqçu qadın boşqabları yığışdırmağa başladı. O, Pratta yaxınlaşanda boşqabın dolu qaldığını gördü və nə edəcəyini bilmədi. Qadını sezən Pratt əlinin işarəsi ilə onun getməsini əmr etdi və söhbətini kəsib yeməyə başladı. O, çəngəli tələsik balığa batırır və elə həmin sürətlə ağzına ötürürdü. Yeməyini bitirəndən sonra qədəhi götürüb şərabın dadına baxdı və söhbətinə davam etmək üçün Luiza Skofildə sarı çevrildi.

Mayk bunların hamısını görürdü. Mən ev sahibinə baxmadan hiss edirdim ki, o, sakitliyini saxlasa da, buna çətinliklə müvəffəq olur və gözlərini qonaqdan çəkmir. Onun mehriban sifəti uzanmış, yanaqları sallanmışdı, amma yenə də özünü tutub saxlayır, nə qımıldanır, nə də bir kəlmə söyləyirdi.

Qulluqçu qadın tezliklə ikinci yeməyi gətirdi. Bu, iri qızardılmış mal tikəsi idi. O, yeməyi masaya Maykın qarşısına qoydu. Ev sahibi ayağa qalxıb əti çox nazik dilimlərə bölməyə və qulluqçunun paylaşdırdığı qablara ehmalca qoymağa başladı. Özü də daxil olmaqla hər kəsə ət kəsib bıçağı qaba qoydu və hər iki əli ilə masanın küncünə dayaqlandı.

– İndi isə, – o, Riçard Pratta baxa-baxa hamıya müraciət etdi, – indi isə klaretə keçək. Üzr istəyirəm, amma mən onun ardınca getməliyəm.

– Mayk, onun ardınca getməlisiniz? – mən təəccübləndim. – O hardadır ki?

– Kabinetimdə. Mən şüşənin ağzını açmışam və indi şərab nəfəs alır.

– Niyə bəs kabinetdə?

– Əlbəttə ki, otaq temperaturunda olması üçün. O artıq bir sutkadır ki ordadır.

– Amma niyə məhz kabinetdə?

– Bu mənim evimdə ən yaxşı yerdir. Ötən dəfə Riçard mənə onu seçməyə kömək etdi.

Öz adını eşidən Pratt çevrildi.

– Düz demirəm? – Mayk soruşdu.

Hə, – ciddi ifadə ilə başını tərpədən Pratt cavab verdi. – Düz deyirsiniz.

– O, kabinetimdə yaşıl yazı masamın üstündədir, – Mayk dedi. – Biz məhz o yeri seçdik. Yaxşı yerdir, külək tutmur və temperatur dəyişmir. Üzr istəyirəm, amma onun ardınca getməliyəm.

Mərcə layiq daha bir şərabı olduğunu düşündükcə kefi düzəldi və o, tələsik otaqdan çıxdı. Heç bir dəqiqə keçməmiş yenidən peyda olan Maykın əlində şərab səbəti vardı. Tündrəngli butulka səbətə elə qoyulmuşdu ki, etiketi görünmürdü.

– Hə! – o, masaya yaxınlaşıb uca səslə dedi. – Riçard, bu şərabdan mərc gələkmi? Onu heç vaxt tapan deyilsiniz!

Riçard Pratt yavaş-yavaş çevrilib Mayka baxdı, sonra nəzərlərini balaca hörmə səbətdəki şəraba dikdi. Yuxarı qaldırdığı qaşları və aşağı uzatdığı nəm dodağı onun üzünə o qədər də xoş olmayan təkəbbürlü ifadə verirdi.

– Ömrünüzdə tapan deyilsiniz, – Mayk dedi. – Lap yüz il fikirləşin.

– Klaret? – Riçard Pratt lovğa-lovğa maraqlandı.

– Əlbəttə.

– Yəqin ki, hansısa balaca üzümlükdəndir.

– Bəlkə də, haqlısınız, Riçard. Amma, bəlkə də, yox.

– Lakin söhbət ən məhsuldar ildən gedir, elə deyilmi?

– Hə, buna başımla cavabdehəm.

– Onda cavab vermək o qədər də çətin olmayacaq, – Riçard Pratt sanki darıxırmış kimi sözləri uzada-uzada dedi.

Hərçənd mənə sözləri bu cür uzatması və üzünə verdiyi cansıxıcı ifadə bir az qəribə gəldi; sonra gözlərində nəhs kölgə sayrışdı, üzündə isə əcaib bir dalğınlıq peyda oldu və bu məni ürkütdü.

– Bu dəfə tapşırıq gerçəkdən də çox çətin oldu, – Mayk dedi. – Mən hətta heç mərcə də israr etməyəcəm.

– Yox bir. Nəyə görə ki? – Riçard Prattın qaşları yenə yavaş-yavaş qalxdı, baxışlarından isə soyuqluq və sayıqlıq yağdı.

– Çünki çox çətindir.

– Mənə münasibətdə o qədər də iltifatlı davranmırsınız.

– Əzizim, – Mayk dedi, – könlünüzdən keçirsə, sizinlə məmnuniyyətlə mərc gələrəm.

– Bu şərabın adını çəkmək o qədər də çətin deyil.

– Deməli, siz mərc gəlmək istəyirsiniz?

– Buna tamamilə hazıram, – Riçard Pratt dedi.

– Yaxşı, onda həmişəki kimi mərc gəlirik. Bir yeşik bu şərabdan.

– Yəqin, düşünürsünüz ki, mən onun adını tapmayacam.

– Sözün düzü, bir şərab bilicisi kimi sizə nə qədər hörmət etsəm də, bəli, bu cür düşünürəm, – Mayk dedi.

Ədəb qaydalarından kənara çıxmamağa çalışan ev sahibi özünü boğub saxlayırdı, əvəzində Pratt baş verənlərə nifrət dolu münasibətini gizlətməyə belə çalışmırdı. Bununla yanaşı, nə qədər qəribə olsa da, növbəti sual, deyəsən, onun mərcə bir qədər maraqlı olduğunu aşkara çıxartdı:

– Bəs siz şərabların sayını artırmaq istəmirsiniz ki?

– Yox, Riçard. Bir yeşik kifayət edər.

– Bəlkə, əlli yeşikdən mərc gələk?

– Bu, səfehlik olardı.

Əlində şərab səbəti masanın başında, öz stulunun arxasında dayanan Maykın burun pərləri sanki yüngülcə ağardı və o, dişlərini möhkəm sıxdı.

Pratt stula yayxanıb oturmuşdu – gözləri xumarlanmış, dodaqlarının kənarında isə istehza dolu təbəssüm gizlənmişdi. Və mən yenidən gördüm ki, bəlkə də, mənə elə gəldi ki, onun üzündə qayğılı bir ifadə sayrışdı, baxışlarında isə qəribə bir dalğınlıq peyda oldu, elə həmin gözlərində, düz bəbəklərində isə qığılcımlar oynaşıb gizləndi.

– Deməli, şərabların sayını artırmaq istəmirsiniz?

– Əslində, mənim üçün heç bir fərqi yoxdur, – Mayk dedi. – Nədən istəsəniz mərc gəlməyə hazıram.

Üç qadınla birgə onları sükut içində izləyirdik. Bütün bunlar Maykın arvadını qıcıqlandırmağa başladı. O, qaşqabağını sallayıb oturmuşdu və mən hiss edirdim ki, söhbətə hər dəqiqə müdaxilə edə bilər. Boşqablarımızdakı rostbif[5 - Rostbif – qızardılmış mal əti] soyuyurdu.

– Deməli, siz mənimlə nədən gəldi mərcə girməyə hazırsınız?

– Yenə deyirəm. Əgər bu sizin üçün belə mühümdürsə, kefiniz istəyən şeydən mərc gəlməyə hazıram.

– Hətta on min funtdan?

– Əgər belə istəyirsinizsə, əlbəttə.

İndi Mayk sakit idi. O, yaxşı bilirdi ki, Prattın söyləyəcəyi istənilən məbləğlə razılaşa bilər.

– Deməli, deyirsiniz mən istədiyimi dilə gətirə bilərəm?

– Məhz bunu demək istəyirəm.

Ortaya sükut çökdü və Pratt həmin arada baxışlarını masa arxasında oturanların üzərində süzdürdü – növbə ilə əvvəl mənə, sonra qadınlara baxdı. Sanki o bizə bu razılaşmanın şahidləri olduğumuzu xatırladırdı.

– Mayk! – missis Skofild dedi. – Mayk, gəlin bu axmaq söhbətə son qoyaq və yeməyə davam edək. Ət soyuyur.

– Amma bu, axmaq söhbət deyil, – Pratt təbirini pozmadan dedi. – Biz, sadəcə, biz az mərc gəlməyi qərara aldıq.

Mən fikir verdim ki, əlində tərəvəzli yemək bir qədər kənarda dayanmış qulluqçu qadın masaya yaxınlaşmağa cürət etmir.

– Nə deyirəm ki, – Pratt söylədi. – Sizə nədən mərc gəlmək istədiyimi açıqlayaram.

– Buyurun, – Mayk kifayət qədər cəsarətlə dedi. – Ağlınıza nə gəlirsə gəlsin, mən razıyam.

Pratt razılıqla başını tərpətdi və yenidən dodaqlarının kənarlarında təbəssüm oynadı, sonra baxışlarını Maykdan çəkmədən mümkün olduğu qədər yavaş-yavaş dedi:

– İstəyirəm ki, mənə qızınızı verəsiniz.

Luiza Skofild dik atıldı.

– Dayanın! – o çığırdı. – Bu lap ağ oldu və heç də gülməli deyil! Ata, bu heç gülməli deyil.

– Əzizim, sakitləş, – anası dedi. – Onlar, sadəcə, zarafat edirlər.

– Mən heç də zarafat etmirəm, – Riçard Pratt dəqiqləşdirdi.

– Bütün bunlar mənasız səslənir, – Mayk dedi.

Deyəsən, o, yenə çaşqınlıq içində idi.

– Siz ki dediniz, nədən gəldi mərcə girməyə hazırsınız.

– Mən pulu nəzərdə tuturdum.

– Amma siz pulun adını çəkmədiniz.

– Amma mən məhz bunu nəzərdə tuturdum.

– Onda heyif ki bunu birbaşa söyləmədiniz. Hərçənd sözünüzü geri götürmək istəyirsinizsə…

– Əzizim, məsələ sözü geri götürüb-götürməməkdə deyil. Əslində heç bu vəziyyətdə mərc də alınmır, axı siz uduzduğunuz təqdirdə mənə öz qızınızı verməyəcəksiniz – olmayan şeyi necə vermək olar ki? Üstəlik, olsaydı belə, çətin ki onunla evlənmək istəyərdim.

– Bunu eşitmək çox xoş oldu, – arvadı söhbətə müdaxilə etdi.

– Mən nədən istəsəniz mərcə girməyə hazıram, – Pratt bəyan etdi. – Məsələn, evimdən. Hə, necədir?

– Hansı evinizdən? – Mayk söhbəti zarafata çevirməyə çalışdı.

– Şəhər kənarındakı.

– Bəlkə, üstünə o birini də gələsiniz?

– Yaxşı. Sizə belə xoşdursa, hər iki evimdən mərcə girirəm.

Bu vaxt Maykın fikrə getdiyini gördüm. O, masaya yaxınlaşıb şərab səbətini ehmalca onun üzərinə qoydu. Sonra duzqabını bir tərəfə, istiotqabını digər tərəfə çəkib bıçağı götürdü, hardasa bir dəqiqə dalğın-dalğın onu nəzərdən keçirdi, sonra yerinə qoydu. Qız da atasının qərarsızlığını sezdi.

– Ata! – o çığırdı. – Bu ki axmaqlıqdır! Bu, sözlə ifadə olunmayacaq axmaq fikirdir. Məndən mərcə girmənizi istəmirəm.

– Sən tamamilə haqlısan, əzizim, – anası dedi. – Mayk, dərhal bu söhbətə son qoy və yerinə oturub yeməyini ye.

Mayk ona məhəl qoymadı. O, qızına baxıb gülümsündü – yavaş-yavaş, atasayağı, onu himayə edirmiş kimi gülümsündü. Amma eyni zamanda gözlərində qalibiyyət qığılcımları parıldadı.

– Bilirsən, – o, üzündə təbəssüm dedi, – bilirsən, Luiza, məncə, fikirləşməyinə dəyər.

– Ata, bəsdir! Həyatımda bundan axmaq heç nə eşitməmişəm!

– Yox, əzizim, bir dinlə gör nə deyirəm.

– Heç nə eşitmək istəmirəm.

– Luiza! Səndən xahiş edirəm! Məni dinlə. Riçard bizə ciddi mərc təklif elədi. Buna mən deyil, o israr edir. Və əgər uduzarsa, o boyda mülkündən keçməli olacaq. Əzizim, dayan, sözümü kəsmə. Məsələ burasındadır ki, onun udmaq şansı yoxdur.

– Amma o, deyəsən, tamam başqa fikirdədir.

– Sənə deyirəm qulaq as, mən nə dediyimi bilirəm. Klareti dadan mütəxəssis, əgər bu, lafit və ya latur kimi hər hansı bir məşhur şərab deyilsə, üzümlüyü olsa-olsa təxmini müəyyənləşdirə bilər. O, şübhəsiz ki, şərabın Bordonun hansı rayonunda, – istər Sent-Emiyon olsun, istər Pomrol, istər Qrav, istərsə də Medok, – hazırlandığını ümumilikdə deyə bilər. Amma axı hər bir rayonda icmalar, kiçik qraflıqlar, hər qraflıqda isə çoxlu balaca üzümlüklər var. Onları təkcə şərabın dadı və ətrinə görə bir-birindən fərqləndirmək mümkün deyil. Bircə onu deyə bilərəm ki, bu şərab digər üzümlüklərlə əhatələnmiş balaca bir üzümlükdən hazırlanıb və Riçard Pratt bunu heç vaxt tapan deyil. Bu, mümkün deyil.

– Bundan necə əmin ola bilirsən ki? – qızı ondan soruşdu.

– İnan ki, əminəm. Öyünmək istəmirəm, amma şərablardan başım çıxır. Bir də ki, qızım, mən sənin atanam və Allah şahiddir ki, ömrümdə səni istəmədiyin bir şeyə məcbur etmərəm. Sadəcə, elə etmək istəyirəm ki, sənin pulun bir az da çox olsun.

– Mayk! – arvadı söhbətə müdaxilə etdi. – Lütfən, bu söhbətə son qoy!

O yenə arvadına məhəl qoymadı.

– Əgər mərcin şərti ilə razılaşsan, – Mayk qızına dedi, – onda on dəqiqədən sonra iki böyük evin sahibəsi olacaqsan.

– Amma, ata, mənə iki böyük ev lazım deyil.

– Onda onları satarsan. Elə onun özünə satarsan. Mən bunu təşkil edərəm. Əzizim, bir düşün, necə də varlı olacaqsan! Ömrün boyu müstəqil yaşayacaqsan!

– Ata, bütün bunlar mənim heç xoşuma gəlmir. Zənnimcə, bu, axmaqlıqdır.

– Mən də eyni fikirdəyəm, – anası dedi. Qadın başını qəfil geriyə dartıb toyuq kimi qabardı. – Mayk, bunu ağlından keçirmək belə ayıbdır! Axı o sənin qızındır!

Mayk heç ona tərəf baxmadı da.

– Razılaş! – qızının düz gözünün içinə baxıb coşqunluqla dedi. – Tez ol, razılaş! Uduzmayacağına zəmanət verirəm.

– Amma, ata, bu mənim xoşuma gəlmir.

– Qızım, uzatma. Razılaş!

Mayk Luizanın lap yaxınlığına gəldi. O, sərt baxışlarını qızına zillədi və Luiza atasına etiraz etməkdə çətinlik çəkdi.

– Uduzsam necə?

– Bir daha deyirəm, uduzmayacaqsan. Sənə zəmanət verirəm.

Ata, bəlkə, lazım deyil.

– Bu mərc sənə var-dövlət bəxş edəcək. Luiza, razılaş. Hə?

Qız sonuncu dəfə tərəddüd etdi. Sonra ümidsiz halda çiyinlərini çəkib dedi:

– Yaxşı. Bircə and iç ki, uduzmayacağıq.

– Əla! – Mayk çığırdı. – Əla! Deməli, mərc gəlirik!

Mayk butulkanı qamarlayıb əvvəlcə öz qədəhinə bir az şərab süzdü, sonra həyəcanla masa ətrafında gəzib digər qədəhləri doldurdu. İndi hər kəsin baxışları Riçard Pratta dikilmişdi. Bu, əlli yaşlarında, o qədər xoşagəlimli siması olmayan birisi idi. Diqqəti hər şeydən çox onun ağzı çəkirdi; Prattın qurmanlara xas dolu nəm dodaqları vardı; aşağı dodağı sallanmış və istənilən an qədəhin küncünə toxunmağa, ya da yemək tikəsi qamarlamağa hazır idi. «Elə bil açar yeridir, – ağzına baxaraq düşündüm, – əsl iri açar yeri».

O, qədəhi asta-asta burnuna yaxınlaşdırdı. Burnunun ucu qədəhə girdi və nəzakətlə fısıldaya-fısıldaya şərabın səthində hərəkət etdi. O, son dərəcə diqqətli idi. Gözləri yumulu idi və vücudunun yuxarı hissəsi – başı, boynu və sinəsi sanki nəhəng iybilmə maşınına çevrilmişdi. Bu iybilmə maşını fısıldayan burnun göndərdiyi məlumatları qəbul edir, yoxlayır və təhlil edirdi.

Stula yayxanıb oturmuş Maykın üzündən etinasızlıq yağırdı, hərçənd o, Prattın hər hərəkətini izləyirdi. Missis Skofild masanın digər başında qımıldanmadan oturmuş və düz qarşısına baxırdı. Qadının üzündə narazılıq ifadəsi donub-qalmışdı. Dequstatora rahat baxa bilməsi üçün stulunu azacıq kənara çəkmiş Luiza atası kimi gözlərini ona zilləmişdi.

İyləmək prosesi hardasa bir dəqiqə çəkdi; sonra Pratt gözlərini açmadan və başını çevirmədən qədəhindəki şərabın az qala yarısını içdi. O, şərabı ağzında azacıq saxlayıb ilk təəssüratını almağa çalışdı, sonra mən onun hülqumunun necə tərpəndiyini və udumu içəri ötürdüyünü gördüm. Amma o, şərabın böyük hissəsini ağzında saxladı. İndi o yerdə qalan şərabı udmadan dodaqları ilə bir az hava sordu. Bu hava ağzındakı şərabın ətri ilə qarışıb ağciyərlərinə getdi. O, nəfəsini saxlayıb, sonra burnu ilə buraxdı və nəhayət, dilinin altındakı şərabı ora-bura ötürüb çeynəməyə başladı, sözün həqiqi mənasında, sanki çörəkmiş kimi çeynədi.

Bu, möhtəşəm, təsirli səhnə idi və haqqına demək lazımdır ki, o bu səhnənin öhdəsindən lazımınca gəldi.

– Hm, – qədəhi masanın üzərinə qoyan və çəhrayı dili ilə dodaqlarını yalayan Pratt dedi. – Hm… hə. Çox maraqlı şərabdır – yumşaq və nəcib, deyərdim hətta qadın kimi zərifdir.

Ağzı tüpürcəklə dolu idi və o danışanda bu tüpürcək damcıları düz masanın üzərinə sıçrayırdı.

– İndi isə istisna metodu ilə gedək, – o dedi. – Cavaba doğru yavaş gedəcəyim üçün üzr istəyirəm, amma mərcin arxasında qiymətli şeylər durur. Mən, adətən, ortaya bir ehtimal atıram, sonra tez önə atılıram və düz adını çəkdiyim üzümlüyün ortasına düşürəm. Amma bu dəfə yavaş getməliyəm, elə deyilmi?

O, Mayka baxıb, qalın nəm dodaqlarını aralayaraq gülümsündü.

Mayk qonağa qarşılıq vermədi.

– Beləliklə, birincisi, bu şərab Bordonun hansı rayonundandır? Bunu tapmaq çətin deyil. Sent-Emiyon və ya Qravadan olması üçün o çox yüngüldür. Bu, açıq-aşkar Medokdur. Buna zərrə qədər də şübhə etmirəm.

Hə, indi növbə çatdı onun Medokda hansı icmadan olmasına? Bunu da istisna metodu ilə müəyyənləşdirmək çətin deyil. Marqo? Bu çətin ki Marqodur. Onda güclü Marqo dəstəsinin dadı hiss olunmur. Poyak? Çətin ki Poyak olsun. O, Poyak üçün həddən artıq zərif, son dərəcə nəcib və özünəməxsusdur. Poyakdan olan şərabın, demək olar ki, zəhlətökən dadı var. Bir də ki mənə görə, Poyak məhz bu rayonun torpağından götürdüyü hansısa enerjiyə, quru enerjili dada malik üzümdən hazırlanır. Yox, yox. Bu… bu şərab çox zərifdir, ilk dəfə dadanda təmkinli və təvazökardır, əvvəl-əvvəl adama hətta utancaq təsiri bağışlayır, amma sonra kifayət qədər cazibəli olduğu meydana çıxır. Bəlkə də, üstəlik, bir az işvəli və şıltaqdır, tərkibindəki tanin adama xəfif sataşır. Ağızda nəsə heyranedici – qadın incəliyi kimi təsəlliedici, nəsə ilahi səxavətli bir dad qalır və onu təkcə Sen-Jülyen icmasının şərabları ilə əlaqələndirmək olar. Bu şərabın Sen-Jülyendən olmasına zərrə qədər də şübhə etmirəm.

O, stula söykənib əllərini masadan çəkdi və əl barmaqlarını bir-birinə yapışdırdı. Bir sözlə, elə təşəxxüslü görünüş aldı ki, mən Prattın bunu ev sahibini ələ salmaq üçün qəsdən etdiyini düşündüm və səbirsizliklə daha sonra nə baş verəcəyini gözlədim. Luiza həmin arada siqaret çəkməyə hazırlaşdı. Pratt kibrit çöpünün çırtıltısını eşitdi və qıza tərəf çevrilərək qəfil hirsləndi.

– Rica edirəm! – o qışqırdı. – Rica edirəm, siqaret çəkməyin! Süfrə arxasında siqaret çəkmək çox pis vərdişdir!

Qız əlində yanan kibrit çöpü ona baxdı, sonra nifrət dolu baxışlarını kənara çəkdi. O, başını aşağı əyib kibriti söndürdü, hərçənd siqareti əlindən yerə qoymadı.

– Əzizim, üzr istəyirəm, – Pratt bu dəfə sakit şəkildə dedi. – Amma mən, sadəcə, süfrə arxasında siqaret çəkilməsinə heç dözə bilmirəm.

Qız daha ona tərəf baxmadı.

– Hə, harda qalmışdıq? – o soruşdu. – Xatırladım. Bu şərab Bordodan, Sen-Jülyen icmasından, Medok rayonundandır. Hələ ki hər şey yaxşı gedir. Amma indi bizi ən çətini gözləyir – üzümlüyün özünün adını çəkmək lazımdır. Belə ki Sen-Jülyendə çoxlu üzümlük var və ev sahibinin haqqında qeyd etdiyi kimi, bir üzümlüyün şərabı ilə digər üzümlüyün şərabı arasında elə də böyük fərq yoxdur. Amma yenə də cəhd edək.

O, yenə gözlərini yumub sükuta daldı.

– Mən üzümlüyün yaşını müəyyənləşdirməyə çalışıram, – o dedi. – Buna müvəffəq olsam, hesab edin, işin yarısı geridə qalıb. Belə-belə işlər, icazənizlə bir az düşünüm. Şərab dəqiq birinci məhsuldan hazırlanmayıb, hətta ikincisinin də buna heç bir dəxli yoxdur. O ən yaxşılarından deyil. O, belə demək olarsa, işıqdan, enerjidən məhrumdur. Amma bax üçüncü məhsul ola bilər. Amma yenə də şübhə edirəm. Bizə məlumdur ki, yığım ili ən yaxşılardan biri olub – ev sahibimiz belə dedi, – bu da çox güman ki şərabın xeyrinədir. Mən ehtiyatlı olmalıyam. Mən çox ehtiyatlı olmalıyam.

O, qədəhi götürüb bir udum da içdi.

– Deyəsən, – o, dodaqlarını yalayaraq dedi, – mən haqlı idim. Bu, dördüncü məhsuldan hazırlanan şərabdır. İndi buna əminəm. Ən yaxşı illərdəndir, deyərdim çox yaxşı illərdəndir. Elə buna görə də hansısa an şərabın dadı üçüncü, hətta ikinci məhsulu xatırlatdı. Nə deyirəm ki! Bu özü də yaxşıdır! İndi biz açmaya lap yaxınlaşmışıq. Sen-Jülyendə bu yaşda nə qədər üzümlük var?

O yenə susdu, qədəhi qaldırıb onun qırağını öz sallaq aşağı dodağına yaxınlaşdırdı. Elə bu vaxt çəhrayı və ensiz dilinin qəfil çıxdığını, ucunun şəraba batdığını və yavaş-yavaş geri çəkildiyini gördüm – iyrənc səhnə idi! O, qədəhi masaya qoyanda gözləri yumulu idi, üzündə sakit bir ifadə vardı, bircə iki nəm ilbizi xatırladan dodaqları tərpənirdi.

– Yenə eyni şey! – o ucadan dedi. – Ağızda tanin hiss olunur və bir an elə təəssürat yaranır ki, sanki dilini nəsə büzüşdürür. Hə-hə, əlbəttə! İndi anladım! Bu, Beyşevel ətrafında yerləşən balaca üzümlüklərdən biridir. İndi xatırladım. Beyşevel rayonu, çay və kiçik körfəz. Körfəz o qədər çirklənib ki, şərab daşıyan gəmilər ondan daha istifadə edə bilmir. Beyşevel… Amma, görəsən, bu, Beyşeveldir? Yəqin ki, yox. Çətin ki. Amma hardasa onun yaxınlığında bir yer olmalıdır. Şato Talbo? Bəlkə, bu Talbodur? Hə, yəqin ki. Amma bir dəqiqə gözləyin.

Riçard Pratt yenə şərabdan bir udum aldı və gözünün ucu ilə Mayk Skofildə baxdı. Ağzı ayrıq qalan ev sahibi get-gedə masanın üzərinə əyilir və baxışlarını Riçard Prattdan çəkmirdi.

– Yox, mən haqlı deyiləm. Bu, Talbo deyil. Talbo özünü dərhal bildirir. Əgər bu şərab min doqquz yüz otuz dördüncü ilin məhsuludursa, – mənsə elə bu cür olduğunu düşünürəm, – onda Talbo deyil. Belə-belə işlər. İcazənizlə bir az da düşünüm. Bu nə Beyşeveldir, nə də Talbo, amma yenə də şərab hər ikisinə elə yaxındır ki, üzümlük, yəqin ki, onların arasında yerləşir. Bu hansı üzümlük ola bilər ki?

Pratt fikrə getdi, biz isə baxışlarımızı ona dikib durmuşduq. Hətta Maykın arvadı da indi ona baxırdı. Mən qulluqçu qadının tərəvəz boşqabını arxamda necə bufetə qoyduğunu eşitdim, hərçənd o, araya çökmüş sükutu pozmamaq üçün bunu çox ehtiyatla etdi.

– Aha! – o çığırdı. – Anladım! Hə-hə, anladım!

O, ağzını sonuncu dəfə əlindəki qədəhə yaxınlaşdırdı. Sonra hələ də qədəhi ağzının yanında saxlayıb Mayka tərəf çevrildi, bic-bic gülümsündü və dedi:

– Bilirsiniz bu şərab hardandır? O, kiçicik Braner-Dükrü kəndindəndir.

Maykın tükü tərpənmədi.

– O ki qaldı ilə, bu, min doqquz yüz otuz dördüncü ildir.

Hamımız baxışlarımızı Mayka zilləyərək, onun butulkanı çevirərək etiketini göstərməsini gözlədik.

– Bu sizin qəti cavabınızdır? – Mayk soruşdu.

– Hə, düşünürəm ki, qəti cavabımdır.

– Düşünürsünüz, ya əminsiniz?

– Əminəm.

– Adını bir daha söyləyə bilərsiniz?

– Şato Braner-Dükrü. Kiçik, amma son dərəcə əla üzümlük. Qədimlərdən qalma, füsunkar təbiəti olan kənd. Ona çox yaxşı bələdəm. Heç bilmirəm, niyə əvvəldən anlamadım.

– Hə, ata, – qız dedi. – Butulkanı çevir ki, biz də işin əslini bilək. Mən öz evlərimi əldə etmək istəyirəm.

– Bir dəqiqə, – Mayk dedi. – Bir dəqiqə. – O, tamamilə çaşqın vəziyyətdə idi, üzü kağız kimi ağarmışdı, əvvəlki əminliyindən əsər-əlamət qalmamışdı.

– Mayk! – masanın o biri başında oturmuş arvadı ucadan dedi. – Hə, nə məsələdir?

– Marqaret, lütfən, müdaxilə etmə.

Riçard Pratt üzündə təbəssüm Mayka baxırdı, onun gözləri parıldayırdı. Mayk baxışlarını hər kəsdən qaçırırdı.

– Ata! – qızı dəhşət içində qışqırdı. – Ata, o tapmadı, tez ol, haqlı olduğumu təsdiqlə!

– Qızım, təlaşlanma, – Mayk dedi. – Təlaşlanmaq lazım deyil.

Zənnimcə, Mayk doğmalarından yaxa qurtarmaq üçün Riçard Pratta tərəf çevrilib dedi:

– Riçard, zənnimcə, qonşu otağa keçib ikilikdə danışsaq yaxşıdır.

– Məndən bu qədər, daha heç nə danışmaq istəmirəm, – Pratt dedi. – Yeganə istədiyim şey butulkanın etiketini görməkdir.

O, mərci udduğunu bilirdi, üz-gözündən təkəbbür qarışıq qalibiyyət yağırdı. Anladım ki, o, qələbəsi təkzib olunacağı halda hər şeyə getməyə hazır idi.

– Nə gözləyirsiniz? – o, Maykdan soruşdu. – Buyurun, butulkanı çevirin.

Elə bu vaxt heç kəsin gözləmədiyi şey baş verdi: əynində səliqəli qara don və ağ önlük olan qulluqçu qadın Riçard Pratta yaxınlaşdı. Onun əlində nəsə vardı.

– Cənab, mənə elə gəlir ki, bu sizindir, – o dedi.

Pratt geri çevrilib qulluqçunun əlindəki buynuzlu çərçivəli eynəyi ona uzatdığını gördü və bir anlıq tərəddüd etdi.

– Doğrudan? Bəlkə də, mən bilmirəm.

– Hə, cənab, bu sizindir.

Yaşı yetmişi haqlamış bu qadın uzun illərdir ki, evin sadiq qulluqçusu idi. O, eynəyi masaya, Prattın qarşısına qoydu.

Pratt qulluqçuya minnətdarlıq etməyib eynəyi döş cibinə, burun dəsmalının arxasına soxdu.

Qulluqçu qadın öhdəsinə düşəni yerinə yetirsə də, nədənsə getmirdi. O, Riçard Prattın arxasında dayanmağa davam etdi və yerindən qımıldanmayan bu balaca qadının davranışında nəsə qeyri-adi bir şey vardı. Başqalarını bilmirəm, məni birdən əcaib bir narahatlıq bürüdü. Qadının qırışlı və bozarmış üzündə soyuq və qətiyyətli ifadə vardı, dodaqları bir-birinə möhkəm sıxılmış, çənəsi irəli gərilmiş, əl barmaqları bir-birinə bərk keçirilmişdi. Məzəli papağı və ağ önlüyü onu hansısa balaca, pırtlaşıq, ağ sinəli quşa oxşadırdı.

– Siz onu mister Skofildin kabinetində unutmusunuz, – qadın dedi. Onun səsində süni, qərəzli bir nəzakət vardı. – Nahardan əvvəl ora keçəndə yaşıl yazı masasının üstündə unutmusunuz.

İçi mən qarışıq masa arxasında oturanların qulluqçunun söylədiklərinin fərqinə varması üçün bir neçə saniyə lazım oldu. Ortaya çökmüş səssizlikdə Maykın stuldan yavaş-yavaş ayağa qalxdığı eşidildi. Onun üzü qıpqırmızı qızarmış, gözləri bərəlmiş, ağzı əyilmiş, burnunun kənarlarına isə qorxulu ağ ləkə yayılmağa başlamışdı.

– Mayk! Sakitləş, Mayk, əzizim. Lütfən, sakitləş! – arvadı dedi.




EHTİYATLI OLUN, İT QAPA BİLƏR


Aşağıda dalğalı buludlar nəhayətsiz dəniz kimi uzanıb gedirdi. Yuxarıda günəş şəfəq saçırdı. O elə buludların özü kimi ağ rəngdə idi, çünki günəşə göy üzündə baxanda heç vaxt sarı olmur.

O, «spitfayr»da[6 - Spitfayr – İkinci dünya müharibəsi dövründə Britaniya qırıcı təyyarəsi, hərfi mənası qılıqsız, tündməzac.] uçmaqda davam edirdi. Sağ əli ilə şturvaldan tutmuşdu, istiqamət sükanını isə sol ayağı ilə idarə edirdi. Bu çox sadə idi. Təyyarə yaxşı uçurdu. O nə etdiyini bilirdi.

Hər şey əla gedir, o düşünürdü. Hər şey qaydasındadır. Mənimlə də hər şey normaldır. Evə yolu tanıyıram. Yarım saatdan sonra orda olacam. Yerə enən kimi təyyarəni dayanacağa sürəcəm, mühərriki söndürüb deyəcəm: «Hə, indi də mənə çıxmağa kömək edin». Səsimin həmişəki kimi çıxmasına çalışacam, onda heç kim heç nə sezməyəcək. Sonra deyəcəm: «Biriniz mənə çıxmağa kömək edin. Bunu özüm edə bilmərəm, axı mən ayağımı itirmişəm». Onlar gülüşəcəklər və zarafat etdiyimi düşünəcəklər, mən isə deyəcəm: «İnanmırsınız ki, yaxşı, allahsız yaramazlar, onda gəlin özünüz baxın». Beləcə, Yorki təyyarənin qanadına dırmaşacaq və kabinənin içinə baxacaq. Bu zaman, yəqin ki, ürəyi bulanacaq, qanlı ət parçası heç də ürəkaçan mənzərə deyil. Mən isə gülüb deyəcəm: «Allah xətrinə, mənə çıxmağa kömək edin».

O, yenə sağ ayağına baxdı. Ondan o qədər də çox şey qalmamışdı. Qəlpə dizindən bir az yuxarı, buduna dəymişdi və indi o daha çox qanlı həftəbecərə bənzəyirdi. Amma ağrı yox idi. Ayağına baxanda ona elə gəlirdi ki, sanki başqa bir şeyi izləyir. Baxdığı şeyin ona heç bir dəxli yox idi. Sadəcə, kabinəyə hardansa qanlı bir horra düşmüşdü və bu əcaib, qeyri-adi və kifayət qədər maraqlı idi. Bu lap divanda ölü pişik tapmağa bənzəyirdi.

O gerçəkdən də özünü yaxşı hiss edirdi, bəlkə, bir az gərilmişdi, amma qorxu hiss etmirdi.

Heç sanitar maşını hazırlamaları üçün də əlaqə saxlayan deyiləm, o düşünürdü. Nə lüzum var ki? Yerə enəndə isə bu dəfə kabinədən özüm çıxmayacam, sadəcə deyəcəm: «Ey, uşaqlar, orda kim var? Gəlin bura, mənə çıxmağa kömək edin, axı mən ayağımı itirmişəm». Yəqin, yaxşıca güləcəklər. Bunu deyəndə elə özüm də qəhqəhə çəkəcəm; mən bunu sakit və yavaş-yavaş deyəcəm, onlar isə zarafat etdiyimi düşünəcəklər. Qanada dırmaşandan sonra Yorkinin ürəyi bulananda ona deyəcəm: «Yorki, qoca eşşək, maşınımı hazırlamısan?» Ordan çıxandan sonra raport yazacam. Hə, bundan sonra isə Londona uçacam. Yarım butulka viski götürüb Göyərçinimin yanına gedəcəm. Otağında oturub içməyə başlayacağıq. Suyu vanna otağında krandan dolduracam. Çox şey danışmayacam, amma yatmaq vaxtı gələndə deyəcəm: «Göyərçinim, sənə bir sürprizim var. Mən bu gün ayağımı itirmişəm. Amma əgər sənin bir narazılığın yoxdursa, mənim heç vecimə də deyil. Hətta məni heç incitmir də. Maşınla hara desən gedə bilərik. Bağdadda misgərlərin küçəsindəki gəzintiləri saymasaq, piyada gəzməyi heç vaxt xoşlamamışam, üstəlik, mən rikşadan istifadə edə bilərəm. Evə gedib orda odun doğraya bilərəm, hərçənd baltanın küpü həmişə sapından sıçrayıb çıxır. Onu qaynar suda saxlamaq lazımdır; elə vannaya qoyasan, özü üçün şişsin. Ötən dəfə evdə çoxlu odun yardım, sonra da baltanın sapını vannaya qoydum…»

Elə bu vaxt günəşin mühərrikin kapotunda bərq vurduğunu gördü. O, metalın qabağında günəş şəfəqlərinin parıldadığını izlədi, elə həmin an təyyarəni və harda olduğunu xatırladı. İndi artıq özünü yaxşı hiss etmirdi, ürəyi bulanır və başı hərlənirdi. Başı elə hey köksünə düşürdü, çünki onu çiyinlərində saxlamağa heyi yox idi. Amma o, «spitfayr»da uçduğunu bilirdi. O, sağ əl barmaqları ilə idarə dəstəyini hiss edirdi.

«İndi mən huşumu itirəcəm, o düşündü. Bu hər an baş verə bilər».

O, hündürlükölçən cihaza nəzər saldı. İyirmi bir min. Özünü sınamaq üçün fikrini yüzlərdə və minlərdə cəmləşdirməyə çalışdı. İyirmi bir min və neçə? Hündürlükölçənin göstəriciləri yayıldı. O heç oxları da görmürdü. Həmin an ona çatdı ki, bir saniyə belə itirmədən paraşütlə hoppanmalıdır, yoxsa huşunu itirəcək. O, həyəcan içində cəld kabinənin şüşəsini sol əli ilə kənara çəkməyə çalışdı, amma gücü çatmadı. O, sağ əlini bir saniyəlik idarə dəstəyindən çəkdi və iki əli ilə qapağı itələyə bildi. Hava axını, deyəsən, onu bir az özünə gətirdi. Bir dəqiqə də olsa aydın düşünməyə müvəffəq oldu. Düzgün və dəqiq hərəkət etdi. Deməli, yaxşı təyyarəçilərlə belə olurmuş. O, oksigen maskasından bir neçə tələsik və dərin udum aldı, sonra başını çevirib aşağı baxdı. Orda, sadəcə, ucu-bucağı görünməyən bulud dənizi vardı və anladı ki, hazırda harda olduğunu bilmir.

«Yəqin, bura La-Manşdır. Dəqiq, mən La-Manşa düşəcəm».

O, şlemini çıxartdı, kəmərləri açdı və idarə dəstəyini cəld sol tərəfə çevirdi. «Spitfayr» qanadının üzərindən yavaşca arxası üstə çevrildi və o, dəstəyi kəskin şəkildə özündən kənara çəkdi. Təyyarəçi təyyarədən tullandı.

O, aşağı düşərkən gözlərini açdı, çünki bilirdi: paraşütün halqasını dartmamış huşunu itirməməlidir. O, bir tərəfdən günəşi, digər tərəfdən ağ buludları görür və havada çevrilə-çevrilə buludların günəşin dalınca qaçdığını, günəşin isə buludları izlədiyini sezirdi. Onlar, beləcə, çevrə vura-vura bir-birinin dalınca qaçır, getdikcə sürəti artırırdı: günəş buludları, buludlar isə günəşi təqib edirdi. Sonra buludlar get-gedə daha yaxından qaçmağa başladı və birdən günəş itdi, yerdə təkcə nəhayətsiz bir bəyazlıq qaldı. Dünya başdan-başa ağardı və orda başqa heç nəyə yer olmadı. Dünya elə ağ idi ki, bəzən qara görünürdü, sonra gah ağ, gah da qara görünməyə başladı, amma daha çox ağ olurdu. O, dünyanın ağdan qaraya, sonra qaradan ağa çevrildiyini izləyirdi. Əslində o, uzun müddət ağ olurdu, qara çalara yalnız bir neçə saniyə ayrılırdı. O bu ağ müddət ərzində yuxuya gedirdi, amma dünya bir az qaralan kimi ayılırdı. Hərçənd bu qara dövr uzun çəkmirdi – elə-beləcə bəzən qara şimşək kimi parıldayırdı. Ağ dünya isə uzun çəkirdi, bax onda o, yuxuya gedirdi.

Dünya növbəti dəfə ağaranda o, əlini uzadıb nəyəsə toxundu. O həmin şeyi barmaqları ilə əzişdirməyə başladı. Bir müddət uzanıb əlinin altında olan şeyi hamarladı. Sonra gözlərini yavaş-yavaş açdı və əlinə baxdı, barmaqları ilə ağ bir şey tutduğunu gördü. Bu, mələfənin ucu idi. O bunun mələfə olduğunu bilirdi, çünki parçanın fakturasını və kənarındakı tikişi görürdü. O, gözlərini qıyıb dərhal da açdı. Bu dəfə otağı gördü. O, üzərində uzandığı çarpayını gördü; o, boz divarları, qapını, pəncərələrdəki yaşıl pərdələri gördü. Çarpayının yanındakı balaca masada qızılgüllər vardı.

O, sonra masadakı qızılgüllərin yanında kasa gördü. Kasa minalı və ağ rəngdə idi, yanında isə menzurka vardı.

«Bura hospitaldır, – o düşündü. – Mən hospitaldayam». Amma o heç nə xatırlamırdı. O, yastığa söykənərək tavana baxdı və nə baş verdiyini xatırlamağa çalışdı. Hamar, boz rəngli divar elə təmiz və elə boz idi ki. Və o birdən bu boz və hamar divarda milçəyin gəzişdiyini gördü. Elə milçəyi, boz dənizdə qəfil peyda olmuş bu balaca qara nöqtəni görərkən də sanki şüuru aydınlandı və o bir saniyənin içində hər şeyi xatırladı. O, «spitfayr»ı, iyirmi bir min futu göstərən hündürlükölçən cihazı xatırladı. Kabinənin şüşəsini hər iki əli ilə itələdiyini və paraşütlə hoppandığını xatırladı. O öz ayağını xatırladı.

İndi, deyəsən, hər şey qaydasında idi. O, çarpayının aşağı tərəfinə baxdı, amma dəqiq heç nə deyə bilmədi. Onda əlini adyalın altına saldı və dizlərini əllədi. Birini dərhal aşkarladı, amma digərini əlləməyə başlayanda əli nəsə yumşaq, bintlənmiş bir şeyə dəydi.

Elə bu vaxt qapı açıldı və içəri tibb bacısı daxil oldu.

– Salam, – o dedi. – Nəhayət, oyandın.

Qəşəng deyildi, amma qamətli və üst-başı təmiz idi. Hardasa otuz-qırx yaşı olardı, sarışın idi. O başqa heç nə görə bilmədi.

– Mən hardayam?

– Bəxtin gətirib. Çimərliyin yaxınlığındakı meşəyə düşmüsən. Braytondasan. Səni iki gün əvvəl gətiriblər və indi hər şey qaydasındadır. Əla görünürsən.

– Mən ayağımı itirmişəm.

– Eyib etməz. Biz sənə başqasını taparıq. İndi isə yat. Həkim bir saatdan sonra gələcək.

Qadın kasa ilə menzurkanı götürüb çıxdı.

Amma o yata bilmədi. Gözləri açıq halda uzanmaq istəyirdi, çünki qorxurdu ki, gözlərini bu dəfə də yumsa, hər şey bitəcək. O uzanıb tavana baxırdı. Milçək elə həminki yerində idi. Yaman hərəkətli idi. Bir neçə düym yüyürüb dayanırdı. Yenə yüyürüb yenə dayanırdı, sonra yenə yüyürürdü, arada bir də havaya qalxaraq vızıldaya-vızıldaya dövrə vururdu. Hər dəfə də tavanda eyni yerə qonurdu, sonra yenə yüyürməyə başlayır və dayanırdı. O bu milçəyi o qədər izlədi ki, bir müddət sonra tavandakının milçək deyil, boz dənizdə qara ləkə olduğunu düşündü. Tibb bacısı qapını açanda hələ də milçəyi izləyirdi. Qadın kənara çəkilərək həkimə yol verdi. Bu, hərbi həkim idi, kitelinin üstündə ötən müharibədən qalma lentlər vardı. Daz və bəstəboy idi, mehriban üzü və xeyirxah gözləri vardı.

– Belə-belə işlər, – o dedi. – Deməli, istənilən halda oyanmağı qərara aldınız. Özünüzü necə hiss edirsiniz?

– Yaxşı.

– Əla. Biz sizi tez sağaldacağıq.

Həkim onun nəbzini dinləmək üçün biləyindən tutdu.

– Yeri gəlmişkən, – o dedi, – eskadrilyanızdan zəng edib sizi xəbər alırdılar. Baş çəkmək istəyirlər, amma onlara dedim ki, bir neçə gün gözləsinlər. Bir də dedim ki, sizinlə hər şey qaydasındadır və onlar bir müddət sonra gələ bilərlər. Odur ki sakitcə uzanın və heç nəyin fikrini çəkməyin. Oxumağa bir şeyiniz var?

O, qızılgüllər olan masaya nəzər saldı.

– Yox? Eyib etməz, tibb bacısı bir şey fikirləşər. O, tamamilə sizin ixtiyarınızdadır.

Həkim bunları deyib əlini yellədi və tibb bacısının müşayiəti ilə otaqdan çıxdı.

Onlar gedəndən sonra çarpayıda dikəldi və yenə tavana baxmağa başladı. Milçək hələ də orda idi. Onu müşahidə etdiyi müddətdə hardasa uzaqda təyyarə səsi eşidildi. O, mühərrikin səsinə qulaq verdi. Küy çox uzaqdan gəlirdi. «Maraqlıdır, görəsən, hansı təyyarədir, – o düşündü. – Modelini müəyyənləşdirməyə çalışım». O, birdən başını qanırdı. Bombardmana məruz qalan hər kəs «Yunkers-88»-i səsindən tanıya bilər. Küyünə görə başqa alman təyyarələrini də hesablayıb tapmaq olar, amma «Yunkers-88» xüsusi səs çıxarır. Bu alçaq, bas, titrək səsdə yüksək tenor da eşitmək olar. «Yunkers-88»-i fərqləndirən məhz tenordur, odur ki burda səhv etmək mümkün deyil.

O, səsə qulaq verir və ona elə gəlirdi ki, bunun hansı təyyarə olduğunu dəqiq bilir. Amma sirena və top səsləri niyə yoxdur? Bu alman təyyarəçisi günün günortaçağı Brayton yaxınlığında peyda olmağa cəsarət edibsə, qurd ürəyi yeyib.

Təyyarə hardasa uzaqda uğuldayırdı və səs tezliklə itdi. Sonra digər səs peyda oldu, amma bu dəfə də hardasa uzaqda, amma yenə də dərin titrək bas yüksək tenorla qarışdı, odur ki dəqiq səhv etmirdi. O bu cür səsləri Britaniya uğrunda döyüşlərdə hər gün eşidib.

O karıxıb qalmışdı. Çarpayının yanındakı balaca masada zınqırov vardı. Əlini uzadıb onu çaldı. Dəhlizdə ayaq səsləri eşidildi. Tibb bacısı otağa daxil oldu.

– Tibb bacısı, bu nə təyyarələr idi?

– Bilmirəm. Mən onların səsini eşitməmişəm. Yəqin, qırıcı, ya da bombardmançı təyyarələrdir. Yəqin, Fransadan qayıdır. Nədir ki?

– Bu, «yu-səksən səkkiz» idi. Onun «yu-səksən səkkiz» olduğuna özüm kimi əminəm. Mən onların mühərrikinin necə səs çıxardığını bilirəm. İki təyyarə idi. Onların burda nə iti azıb?

Tibb bacısı çarpayıya yaxınlaşıb döşəkağını hamarladı və onu döşəyin altına soxdu.

– Aman Allah, özündən nə uydurursan. Beynini belə şeylərlə yorma. İstəyirsən sənə oxumağa nəsə gətirim?

– Yox, lazım deyil.

Qadın yastığı çırpdı və alnının üstünə düşmüş saçlarını geri daradı.

– Onlar artıq günortalar uçub gəlmir. Sən də bunu yaxşı bilirsən. Bu, yəqin, ya «lankaster»lərdir, ya da «uçan qalalar».

– Tibb bacısı.

– Bəli.

– Mənə siqaret verə bilərsiniz?

– Əlbəttə ki.

Qadın otaqdan çıxdı və az keçməmiş əlində «players» qutusu və kibrit geri qayıtdı. Siqareti alıb ağzına yaxınlaşdıranda tibb bacısı kibriti yandırdı və o çəkməyə başladı.

– Lazım olsam, – qadın dedi, – sadəcə, zınqırovu çal.

Tibb bacısı bunu deyib otaqdan çıxdı.

O, axşam yenə təyyarə səsi eşitdi, bu dəfə başqası idi. O hardasa uzaqda uçurdu, amma buna baxmayaraq birmühərrikli olduğunu müəyyənləşdirə bildi. Təyyarə sürətlə uçurdu; bu aydın idi. Hansı model olduğunu söyləmək çətin idi. Nə «spit»dir, nə də «harrikeyn». Heç Amerika mühərrikinə də oxşamır. Amerika istehsalı daha küylü olur. Təyyarənin modelini müəyyənləşdirə bilmirdi və bu ona dinclik vermirdi. «Yəqin, çox xəstəyəm, – o düşündü. – Yəqin, xəyal görürəm. Bəlkə də, sayıqlayıram. Sadəcə, nə düşünəcəyimi bilmirəm».

Həmin axşam tibb bacısı qaynar su ilə dolu kasa gətirib onu yumağa başladı.

– Hə, necəsən, – qadın soruşdu, – ümid edirəm, daha sənə elə gəlmir ki, bombalanırıq?

Tibb bacısı onun pijamasının köynəyini soyundurdu və flanellə qolunu sabunlamağa başladı. O cavab vermirdi.

Qadın flaneli suda islatdı, növbəti dəfə sabunladı və onun sinəsini yumağa başladı.

– Bu gün əla görünürsən, – tibb bacısı dedi. – Səni bura gətirən kimi əməliyyat ediblər. İşlərinin öhdəsindən gələ bildilər. Səninlə hər şey qaydasında olacaq. Mənim qardaşım hərbi hava qüvvələrində xidmət edir, – qadın əlavə etdi. – Bombardmançı təyyarədə uçur.

– Mən məktəbə Braytonda getmişəm, – o dedi.

Qadın tez ona baxdı.

– Lap yaxşı, – tibb bacısı dedi. – Yəqin, şəhərdə tanışların var.

– Hə, – o cavab verdi. – Mən burda çoxlarını tanıyıram.

Qadın onun sinəsini və qollarını yudu, sonra adyalı elə itələdi ki, təkcə sol ayağının üstü açıldı, bintlənmiş ət parçası altda qaldı. Pijamanın şalvarındakı ipləri açıb onu da soyundurdu. Bu çətin başa gəlmədi, çünki sarğıya mane olmaması üçün şalvarın sağ balağını kəsmişdilər. Qadın sol ayağı və bədənin qalan hissəsini yumağa başladı. Onu ilk dəfə idi ki, çarpayıda yuyurdular, bu səbəbdən özünü narahat hiss edirdi. Qadın dəsmalı onun pəncəsinin altına qoyub ayağını flanellə yumağa başladı.

– Lənətə gəlmiş sabun heç köpüklənmir. Buranın suyundandır. Çox coddur.

– İndi, ümumiyyətlə, yaxşı sabun yoxdur, üstəlik, su da cod olanda, işlər lap tərs gedir, – o dedi.

Elə həmin an gözünün qarşısında xatirələr canlandı. O, Brayton məktəbindəki vannaları xatırladı. Daş döşəməli uzun vanna otağında dörd cərgə vanna vardı. Su elə yumşaq idi ki, bədənindəki sabunu təmizləmək üçün sonra duş qəbul eləmək lazım gəlirdi. Bir də köpüyün suyun səthində necə üzdüyünü xatırladı. Su o qədər köpüklü olurdu ki, heç ayağın görünmürdü. Daha sonra yadına düşdü ki, bəzən onlara kalsium həbləri verirdilər, çünki həkim yumşaq suyun dişlərə ziyan olduğunu deyirdi.

– Braytonda, – o, sözə başladı, – su…

Amma cümləsini bitirmədi. Ağlına nəsə gəldi, bu fikir o qədər fantastik və mənasız idi ki, hətta düşündü – bəlkə bunu tibb bacısına danışsın və onlar birlikdə gülsünlər.

O, qadının üzünə baxdı.

– Hə, ordakı su ilə bağlı nə demək istəyirdin? – tibb bacısı soruşdu.

– Heç, mühüm bir şey deyil, – o cavab verdi. – Heç özüm bilmirəm niyə xatırladım.

Qadın flaneli kasada isladıb ayağındakı sabunu yudu və dəsmalla quruladı.

– Adamı yumaq nə yaxşı şeydir, – o dedi. – Lap rahatladım.

O, əlini üzündə gəzdirdi.

– Təraşlasan yaxşı olardı.

– Sabaha saxlayaq, – qadın dedi. – Bunu özün də edə bilərsən.

Bu gecə gözünə yuxu getmədi. O uzanıb «Yunkers-88» və cod suyu düşünürdü. Başqa heç nə haqqında düşünə bilmirdi. «Bunlar «yu-səksən səkkiz idi», – özünə dedi. Dəqiq bilirəm. Amma bu ola bilməz, axı onlar günün günortaçağı burda bu qədər alçaqdan uça bilməzlər. Yəqin, mən xəstəyəm. Yəqin, özümü axmaq kimi aparıram və nə dediyimin, nə etdiyimin fərqində deyiləm. Bəlkə, mən sayıqlayıram». O uzanıb uzun-uzadı bütün bunları düşündü, bir dəfə hətta çarpayısından qalxıb ucadan dedi:

– Dəli olmadığımı sübut edəcəm. Nəsə mühüm və ağıllı bir şey haqqında balaca bir nitq söyləyəcəm. Müharibədən sonra Almaniya ilə necə davranmaq barədə danışacam.

Amma danışmağa macal tapmamış yuxuya getdi.

Oyananda otağa pərdələrin arasından gün işığı düşürdü. İçəri hələ qaranlıq olsa da, pəncərənin arxasındakı işığın zülməti necə pərən-pərən saldığını görürdü. O uzanıb pərdələrin arasından düşən boz işığa tamaşa edirdi, sonra birdən dünənki günü xatırladı. «Yunkers-88» və cod suyu xatırladı. Gülərüz tibb bacısını və mehriban həkimi xatırladı, sonra beyninə şübhə toxumları səpildi və böyüməyə başladı.

O, palataya nəzər saldı. Tibb bacısı qızılgülləri dünən axşam aparmışdı. Masanın üzərində təkcə bir qutu siqaret, kibrit və külqabı vardı. Palata bomboş idi. O artıq mülayim və mehriban görünmürdü. Daha rahatlığını demir. O, soyuq və boş idi və bura ölü sükut çökmüşdü.

Şübhə toxumu yavaş-yavaş böyüməyə başladı və özü ilə bərabər yüngül oynaq qorxu gətirdi; bu qorxu təlaş doğurmaqdan çox nəyisə xəbərdar edirdi. Bu duyğu insanda qorxduğu üçün deyil, nəyinsə yolunda getmədiyini hiss etdiyi üçün əmələ gəlir. Şübhə və qorxu elə sürətlə böyüyürdü ki, o, əsəbiləşməyə və hirslənməyə başladı, əli ilə toxunanda isə alnının tərlədiyini aşkarladı. Bir tədbir görmək lazım olduğunu qərara aldı, ya haqlı, ya da haqsız olduğunu özünə necəsə sübut etməlidir. O yenə qarşısında pəncərə və yaşıl pərdələr gördü. Pəncərə düz çarpayısının qarşısında idi, lakin aralarında tam on yard məsafə vardı. Bir yol tapıb pəncərəyə yaxınlaşmalı və bayıra baxmalı idi. Bu fikrin əsirinə çevrildi və indi pəncərədən savayı heç nə barədə düşünə bilmədi. Lakin bəs ayağı necə olsun? O, əlini adyalın altına salıb qalın bintlənmiş ət parçasına toxundu – sağ qıçından təkcə bu qalmışdı. Sanki orda hər şey qaydasında idi. Ağrı yoxdur. Amma bax elə burda problem yarana bilər.

O, qalxıb çarpayıda oturdu. Sonra adyalı bir tərəfə çəkib sol ayağını yerə salladı. Yavaş-yavaş və ehtiyatla hərəkət edə-edə çarpayıdan xalçaya sürüşüb düşdü və hər iki əli ilə döşəməyə dirəndi. Bu cür vəziyyətdə durub sağ ayağından qalan ət parçasına baxdı – çox qısa və yoğundur, başdan-başa bintlənib. Həmin yerdə ağrı əmələ gəldi və qan damarı döyünməyə başladı. O, döşəməyə sərilib eləcə qalmaq istədi, amma irəli getmək lazım olduğunu bilirdi.

O, əlinin köməyi ilə mümkün qədər irəli gedir, sonra yüngülcə hoppanır və sol ayağından qalanı sürüyüb aparırdı. Hər dəfə ağrıdan inildəyir, amma döşəmədə əlləri və ayağı üstə sürünməyə davam edirdi. Nəhayət, pəncərəyə yaxınlaşıb əlləri ilə pəncərəaltından yapışdı, əvvəlcə bir, sonra digərini irəli uzatdı və yavaş-yavaş bir ayağı üstə qalxdı, daha sonra tez pərdəni çəkib bayıra baxdı.

O, boz kirəmitli damı olan balaca ev gördü. Ensiz xiyabanın yaxınlığında yerləşən bu ev tənha idi, arxasında şumlanmış tarla uzanırdı. Evin qarşısında baxımsız bağ vardı. Xiyabanla bağı yaşıl çəpər ayırırdı. O, çəpərin üstündə lövhəcik gördü. Bu, qısa şüvülə mıxlanmış adi lövhəcik idi, çəpərə çoxdan əl gəzdirilmədiyindən taxtanın üstünü budaqlar örtmüşdü. Bu səbəbdən sanki lövhəciyi çəpərin arasında quraşdırmışdılar. Taxta parçasının üstündə ağ boya ilə nəsə yazılmışdı. O, burnunu pəncərənin şüşəsinə dayayıb yazını oxumağa çalışdı. Birinci hərf «G» idi, bunu dəqiq gördü, ikinci «a», üçüncü isə «r» idi. O, hərfləri növbə ilə ayırd edə bildi. Lövhəcikdə cəmi üç söz yazılmışdı və o, hərf-hərf oxumağa başladı: «G-a-r-d-e a-u c-h-i-e-n»[7 - Fransız dilindən tərcümədə – «ehtiyatlı olun, it qapa bilər»]. Orda eləcə bu yazılmışdı.

O, əlləri ilə pəncərəaltından yapışaraq bir ayağı üstə qərarsız dayanıb, lövhəciyə və ağ boya ilə yazılmış hərflərə baxırdı. Bir müddət başqa heç nə düşünə bilmədi. Eləcə lövhəciyə baxır və üzərində yazılan sözləri ürəyində təkrarlayırdı. Birdən ona çatdı. O, tənha evə və şumlanmış tarlaya bir də baxdı. Sonra evin sol tərəfindəki meyvə bağına və yaşıllıqla örtülmüş ətrafa nəzər saldı.

– Deməli, mən Fransadayam, – o dedi. – Mən Fransadayam.

Qan sağ budunda bərk döyünürdü. Sanki kimsə ət parçasına çəkiclə möhkəm vururdu və birdən ağrı elə şiddətləndi ki, gözləri qaraldı. Ona elə gəldi ki, indicə yerə düşəcək. Tez yerə oturub çarpayıya tərəf süründü və son gücünü toplayıb yuxarı dırmaşdı, taqətsiz yastığa söykənib adyalı üstünə çəkdi. Yenə də çəpərdəki lövhəcikdən, şumlanmış tarladan və meyvə bağından savayı heç nə düşünə bilmədi. Lövhəcikdəki kəlmələr heç cür beynindən çıxmırdı.

Bir azdan tibb bacısı gəldi. Qadın qaynar su ilə dolu kasa gətirdi.

– Sabahın xeyir, bu gün özünü necə hiss edirsən? – o dedi.

Sarğının altında ağrı hələ güclü idi, amma o, tibb bacısına heç nə demək istəmirdi. Qadının otaqda var-gəl etməsinə tamaşa etdi. İndi onu diqqətlə gözdən keçirdi. Saçları sarı rəngə boyanmışdı. Boylu-buxunlu, qamətli idi, xoşagəlimli siması vardı. Amma gözlərində qəribə bir təlaş hiss olunurdu. Nəzərləri elə hey ora-bura qaçırdı, heç nəyin üzərində bir andan artıq dayanmırdı, baxış obyektlərini anidən dəyişirdi. Hərəkətlərində də nəsə bir qəribəlik vardı. Həddən ziyadə qəfil və əsəbi idi və laqeyd səs tonu ilə heç uyğun gəlmirdi.

Qadın əlindəki kasanı masanın üstünə qoyub onun pijamasının köynəyini çıxartdı və bədəninin yuxarı hissəsini yumağa başladı.

– Yaxşı yatmısan?

– Hə.

– Lap yaxşı, – o dedi.

Qadın onun qollarını və sinəsini yudu.

– Deyəsən, səhər yeməyindən sonra hava idarəsindən kimsə sənə baş çəkməyə hazırlaşır, – qadın sözünə davam etdi. – Onlara hesabat lazımdır, heç bilmirəm düz dedim, ya yox. Sən daha yaxşı bilərsən. Səni necə vurublar və buna oxşar suallar. Onlara çox oturmağa imkan verməyəcəm, narahat olma.

O cavab vermədi. Tibb bacısı bədənini yuyub, ona diş məcunu və fırça verdi. O, dişlərini təmizlədi, ağzını yaxaladı və suyu kasaya tüpürdü.

Sonra qadın məcməyidə səhər yeməyi gətirdi, amma o yemək istəmirdi. Özünü yenə zəif hiss edirdi, üstəlik, ürəyi bulanırdı. Eləcə uzanmaq və baş verənlər barədə düşünmək istəyirdi. Bir cümlə beynindən heç cür çıxmırdı. Bu cümləni eskadrilyasındakı kəşfiyyat zabiti Conni hər gün uçuşdan əvvəl təyyarəçilərə təkrarlayırdı. İndi təsəvvüründə həmin Conni canlanmışdı. Budur, əlində tənbəki çubuğu dayanıb, ehtiyat aerodromunda balaca yay evinə söykənib və deyir: «İşdir, sizi vursalar, təkcə adınızı, rütbənizi və şəxsi nömrənizi deyin. Başqa heç nə. Allah xətrinə, başqa heç nə deməyin».

– Hə, – qadın bunu deyib məcməyini onun dizinin üstünə qoydu. – Yumurta ye. Özün öhdəsindən gələ biləcəksən?

– Hə.

Qadın çarpayının yanında dayanmışdı.

– Özünü yaxşı hiss edirsən?

– Hə.

– Lap yaxşı. Yumurta azlıq edəcəksə, birini də gətirə bilərəm.

– Yox, bəs edər.

– Yaxşı, daha nəsə istəsən, zınqırovu çal.

Qadın bunu deyib otaqdan çıxdı.

Tibb bacısı geri qayıdanda elə o da yeməyini bitirirdi.

– Aviasiya komandiri Roberts gəlib. Ona dedim ki, burda bir neçə dəqiqədən artıq ola bilməz.

Qadın əlinin işarəsi ilə komandiri içəri dəvət etdi.

– Narahatlığa görə üzr istəyirəm, – o dedi.

Bu, Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin zabiti idi. Əynindəki nimdaş kiteli «qanadlar»[8 - «Qanadlar» – təyyarəçilərin döş nişanı] və «Döyüş uçuşu xidmətlərinə görə» xaç ordeni bəzəyirdi. O, kifayət qədər hündür və arıq idi, qara gur saçları vardı. Dodaqlarını bərk-bərk sıxmağa çalışsa da, əyri-üyrü, aralı dişlərini gizlədə bilmirdi. Komandir blank və karandaş çıxartdı, sonra stulu çarpayıya tərəf çəkib oturdu.

– Özünüzü necə hiss edirsiniz?

Cavab gəlmədi.

– Bəxtiniz gətirməyib, ayağınızı itirmisiniz. Halınızı təsəvvür edirəm. Təyyarəniz vurulmazdan əvvəl onların başına açdığınız oyundan xəbərdaram.

Çarpayıdakı adam qımıldanmadan uzanıb, baxışlarını stulda oturan adama dikmişdi.

Stulda oturan adam dedi:

– Gəlin bunun axırına tez çıxaq. Bir neçə suala cavab verməli olacaqsınız, mən isə hərbi raportu dolduraram. Beləliklə, ilk olaraq, hansı eskadrilyadansınız?

Çarpayıda uzanmış adam qımıldanmadı. O, düz aviasiya komandirinin gözünün içinə baxırdı.

– Mənim adım Piter Uilyamsondur. Mən eskadrilyanın aparıcısıyam, mənim nömrəm doqquz-yeddi-iki-dörd-beş-yeddidir.




CƏNNƏTƏ GEDƏN YOL


Missis Foster qatara, təyyarəyə, paroxoda və hətta teatra gecikməkdən ömrü boyu patoloji olaraq qorxurdu. Başqa şeylərə münasibətdə o, xüsusi olaraq əsəbi qadın deyildi, lakin harasa gecikə bilməsi fikrindən o qədər həyəcanlanırdı ki, sol gözünün kənarındakı dəri dartılmağa başlayır və o sanki kiməsə göz vururdu. Qadını ən çox əsəbiləşdirənsə o idi ki, bu gözvurma qatara və ya təyyarəyə sağ-salamat oturandan yalnız hardasa bir saat sonra yoxa çıxırdı.

Maraqlıdır ki, bəzilərində qatara gecikmək qorxusu kimi adi bir şey beyindən heç cür çıxmayan fikrə çevrilə bilir. Odur ki missis Foster evdən çıxmazdan və vağzala yollanmazdan yarım saat əvvəl buna artıq tam hazır olurdu. Sonra da yerində duruş gətirməyən qadın başında şlyapası, əynində paltosu, əllərində əlcəklər ya liftlə aşağı düşür, ya da narahat halda otaqdan otağa var-gəl edirdi. Ta ki, yəqin, onun halını anlayan əri, nəhayət, kabinetindən çıxır və soyuq, quru səslə artıq getmək vaxtı olduğunu söyləyirdi.

Mister Fosterin, bəlkə də, arvadının bu kifayət qədər səfeh davranışından narazı qalmağa tam haqqı vardı, amma yenə də onun qadını üzücü intizarda saxlamaqla iztirablarını artırması bağışlanılmaz idi. Hərçənd onun bunu qəsdən etməsini təsdiqləmək də düzgün olmaz. Amma yenə də o hər dəfə bir-iki dəqiqə ləngisə belə, vaxtı elə dəqiq hesablayır və özünü o qədər tox tuturdu ki, zavallı arvadını qərəzsiz iyrənc əzaba məruz qoymasına inanmaqda çətinlik çəkirik. Hərçənd o bir şeyi dəqiq bilirdi: qadın heç vaxt səsini başına atmayacaq və ona tələsmək lazım olduğunu deməyəcək. O, arvadını kifayət qədər yaxşı tərbiyə etmişdi. Üstəlik, deyəsən, o bilirdi ki, vaxtı qaçırmaqla qadını az qala isterikaya çatdırmaq olar. Evliliklərinin son illərində bəzən elə hallar olurdu ki, sanki o, qəsdən qatara gecikmələrinə çalışır və bununla da zavallı qadının əzablarını artırırdı.

Ər, bəlkə də, günahkardır (hərçənd buna qəti əmin deyilik), lakin onun hərəkətləri həm də ona görə ikiqat düşüncəsiz görünürdü ki, bu ipə-sapa yatmayan zəifliyi xaricində missis Foster həmişə mehriban və sevgi dolu qadın idi. O, otuz ildən çox idi ki, ərinə sədaqətlə qulluq edirdi. Buna zərrə qədər də şübhəniz olmasın. Son dərəcə təvazökar olan bu qadın mister Fosterin onu nə vaxtsa qəsdən incidə biləcəyi fikrini uzun illər yaxına buraxmamışdı, lakin son zamanlar ara-sıra bu barədə düşündüyünün fərqinə varırdı.

Yetmişi haqlamış mister Yucin Foster arvadı ilə birgə Altmış ikinci küçədə, Nyu-York Sitidə geniş altımərtəbəli evdə yaşayırdı və onların dörd qulluqçusu vardı. Qonaqlı-qaralı ev deyildi, onlara nadir halda kimsə baş çəkərdi. Həmin yanvar səhərində isə ev canlanmış, qulluqçular əl-ayağa düşmüşdü. Qulluqçuların biri qucaq dolusu mələfə gətirir, digəri onları otaqlara paylaşdırır və tozlanmaması üçün mebellərin üstünə sərirdi. Eşikağası çamadanları aşağı düşürür və hollda qoyurdu. Aşpaz dəqiqədə bir başını mətbəxdən çıxarıb eşikağasına nəsə deyir, missis Fostersə əynində köhnə dəbli kürk və təpəsində şlyapa otaqdan otağa keçir, sanki evdəkilərə nəzarət edirmiş kimi bir təəssürat yaradırdı. Əslində isə ərinin vaxtında hazırlaşıb kabinetdən çıxmadığı təqdirdə təyyarəyə gecikəcəklərini düşünürdü.

– Uoker, saat neçədir? – qadın yanından ötüb-keçdiyi eşikağasından soruşdu.

– Ona on dəqiqə işləyib, mem.

– Maşın artıq gəlib?

– Bəli, mem, o sizi gözləyir. Elə indicə baqajı yükləməyə hazırlaşırdım.

– Aydluaylda bir saat yol var, – missis Foster dedi. – Təyyarə saat on birdə havaya qalxır. Qeydiyyatdan keçmək üçün orda yarım saat əvvəl olmalıyam. Hökmən gecikəcəm. Gecikəcəyimə adım kimi əminəm.

– Mem, zənnimcə, sizin kifayət qədər vaxtınız var, – eşikağası iltifatla söylədi. – Saat ona on beş dəqiqə işləmiş evdən çıxmalı olduğunuzu mister Fosterə demişəm. Ehtiyatda hələ beş dəqiqəniz var.

– Hə, Uoker, bilirəm. Amma yenə də, lütfən, baqajı tez yüklə.

O, hollda var-gəl edir və hər dəfə eşikağası yanından ötüb-keçəndə ondan saatı soruşurdu. Bu reysə, o durmadan beynində təkrarlayırdı, heç cür gecikmək olmaz. Bu səfərin icazəsini almaq üçün aylarla ərinə dil tökməli olub. İndi əgər gecikərsə, mister Foster onun bu səfərə saymazyana yanaşdığını düşünəcək. Üstəlik, də bədbəxtlikdən əri onu hava limanınadək ötürəcəyinə israr etmişdi.

– Aman Allah, – missis Foster ucadan dedi, – gecikəcəm. Yüz faiz bilirəm, gecikəcəm.

Sol gözünün kənarı şiddətlə dartınmağa başladı. Sanki elə indicə həmin gözündən yaş sel kimi gedəcəkdi.

– Uoker, saat neçədir?

– Ona on səkkiz dəqiqə işləyib, mem.

– İndi dəqiq gecikəcəm! – qadın çığırdı. – Bircə tez çıxsaydı!

Bu, missis Foster üçün mühüm səfər idi. O, fransızla ailə qurmuş yeganə qızına baş çəkmək üçün təkbaşına Parisə yollanırdı. Fransız missis Fosteri az maraqlandırırdı, qızına isə canını verərdi, üstəlik, üç nəvəsi üçün də darıxmışdı. Qadın onları təkcə ev boyu düzdüyü şəkillərdən tanıyırdı. Nəvələri qəşəng idi. Onları çox sevirdi və hər dəfə yeni şəkil alanda öz otağına çəkilir, bu şəkilləri uzun-uzadı izləyir və uşaq cizgilərində son dərəcə əhəmiyyət verdiyi qan bağının oxşar əlamətlərini tapmağa çalışırdı. Son zamanlar isə hər ötən gün bir az da çox dərk edirdi ki, həyatının qalan hissəsini uşaqlarla keçirmək istəyir. O, nəvələrini görməli, onları gəzməyə aparmalı, cürbəcür hədiyyələr almalı və boya-başa çatmalarını izləməlidir. Qadın, sözsüz ki, əri sağ olduğu müddətdə bu cür düşünməsinin yaxşı olmadığını, hətta hansısa mənada doğru olmadığını başa düşürdü. Mister Foster öz müəssisələrində əvvəlki kimi fəal olmasa da, Nyu-Yorku tərk etməyə və Parisə yerləşməyə əsla razı düşməzdi. Əslində arvadını da təkbaşına ora altı həftəlik göndərməsinin özü təəccüb doğururdu. Qadın isə orda yaşamağı və nəvələrinin yanında olmağı o qədər istəyirdi ki!

– Uoker, saat neçədir?

– Ona iyirmi iki dəqiqə işləyib, mem.

Eşikağası cavab verər-verməz qapı açıldı və mister Foster holla çıxdı. O, bir dəqiqə qapının ağzında dayanıb arvadını diqqətlə süzdü, qadın da öz növbəsində taqətsiz, amma hələ də hərəkətli ərinə baxdı. Bu saqqallı qoca köhnə şəkillərdəki Endryu Karnegiyə[9 - Endryu Karnegi (1835-1919) – amerikalı sahibkar və xeyriyyəçi] çox oxşayırdı.

– Belə-belə işlər, – o dedi, – təyyarəyə yetişmək istəyirsənsə, yəqin ki, tələsməliyik.

– Hə, əzizim, hə! Hər şey hazırdır. Maşın gözləyir.

– Lap yaxşı, – mister Foster dedi.

O, başını yana əyib diqqətlə arvadını süzdü. Mister Fosterin boynunu irəli uzadıb, sonra başını cəld və sezdirmədən dartmaq kimi bir vərdişi vardı. Bu səbəbdən, üstəlik, əllərini sinəsi bərabərində qaldıraraq barmaqlarını bir-birinə sıxması onu parkda rastlaşa biləcəyimiz zirək və ağıllı dələyə bənzədirdi.

– Əzizim, Uoker paltonu hazır tutub. Geyinə bilərsən.

– Bir dəqiqədən sonra qayıdacam, – əri dedi. – Gedim əllərimi yuyum.

Qadın gözləməyə başladı. Hündürboy eşikağası əlində palto və şlyapa onun yanında dayanmışdı.

– Uoker, mən gecikəcəm?

– Xeyr, mem, – eşikağası cavab verdi. – Məncə, düz vaxtında çatacaqsınız.

Sonra mister Foster yenidən peyda oldu və eşikağası ona geyinməyə kömək etdi. Missis Foster cəld evdən çıxdı və kirələdikləri «cadillac»a mindi. Əri onun ardınca çıxsa da, pilləkənləri yavaş endi. Bu da azmış kimi, yarı yolda ayaq saxlayıb göy üzünə baxdı və səhərin soyuq havasını ciyərlərinə çəkdi.

– Deyəsən, bir az duman var, – arvadının yanında əyləşən mister Foster dedi. – Hava limanında isə belə hava şəraitində işlər lap pis gedir. Reysi təxirə salsalar, təəccüblənmərəm.

– Əzizim, rica edirəm, belə demə.

Maşın Lonq-Aylendə çatanacan mister Foster daha heç nə demədi.

– Qulluqçularla hər şeyi danışmışam, – kişi dedi. – Bu gündən hamısı azaddır. Altı həftəyə görə maaşlarının yarısını ödədim və Uokeri xəbərdar etdim ki, onlar yenidən lazım olanda teleqram vuracam.

– Hə-hə, – qadın dedi. – O mənə demişdi.

– Elə bu axşam kluba köçəcəm. Bəzən şəraiti dəyişmək adama xoş gəlir.

– Hə, əzizim. Mən sənə yazacam.

– Vaxtaşırı evə baş çəkəcəm və poçta gələnləri götürəcəm.

– Sənə elə gəlmir ki, Uoker evdə qalsa və ondan göz-qulaq olsa yaxşıdır? – qadın ürkək səslə soruşdu.

– Artıq söhbətdir. Buna qətiyyən lüzum yoxdur. Üstəlik, buna görə ona tam maaşını verməliyəm.

– Hə, – qadın söylədi. – Əlbəttə, haqlısan.

– Bir də ki onların evdə tək qaldıqları zaman nə ilə məşğul olduğunu bilmirsən, – mister Foster bunu deyib siqar çıxartdı. Siqarın ucunu gümüş qayçı ilə kəsib qızılı alışqanla yandırdı.

Şalının altında əllərini möhkəm sıxan missis Foster hərəkətsiz oturmuşdu.

– Mənə yazacaqsan? – o soruşdu.

– Baxarıq, – əri cavab verdi. – Amma çətin ki. Sən ki bilirsən, deməyə sözüm olmayanda yazmaqla aram yoxdur.

– Hə, əzizim, bilirəm. Söylədiklərimi unut.

Onlar Kral bulvarı boyunca gedirdilər və maşın Aydluayldın tikildiyi bataqlıq yerə çatanda duman sıxlaşdığından sürətini azaltmalı oldu.

– Aman Allah! – missis Foster çığırdı. – İndi dəqiq gecikəcəm! Saat neçədir?

– Ah-vay etmə, – qoca dedi. – İndi bunun heç bir xeyri yoxdur. Reysi, şübhəsiz ki, ləğv ediblər. Təyyarə bu cür havada uçmayacaq. Heç bilmirəm, ümumiyyətlə, evdən çıxmağa nə lüzum vardı.

Qadına elə gəldi ki, ərinin səsində qəfil yeni intonasiya peyda oldu və o, başını kişiyə tərəf çevirdi. Bu saqqallı üzün ifadəsində hər hansı bir dəyişikliyi görmək çox çətin idi. Ən əsası ağızdır. Qadın ərinin saqqalsız vaxtında olduğu kimi ağzını görmək istədi. Onun gözləri bircə qəzəbləndiyi zaman müstəsna olmaqla heç vaxt heç nə ifadə etmirdi.

– Əlbəttə, – mister Foster sözünə davam etdi, – əgər o, hava şəraitinə rəğmən uçmağa qərar verərsə, onda səninlə razıyam – dəqiq gecikmisən. Bəlkə, bu reallıqla razılaşasan?

Qadın başını çevirib pəncərədən dumana baxmağa başladı. Onlar irəlilədikcə duman daha da sıxlaşırdı, qadın indi yolkənarını və yolboyu uzanan otluğu görürdü. Missis Foster ərinin onu əvvəlki tək izlədiyini hiss edirdi. Qadın ərinə nəzər salanda kişinin onun sol gözünün küncünə baxdığını gördü. Missis Foster həmin yerdə dərisinin dartıldığını hiss edirdi. O, dəhşətə gəldi.

– Hə, nə deyirsən?

– Nə deməliyəm?

– Bəlkə, təyyarəyə qeyd-şərtsiz gecikəcəyini qəbul edəsən? Bu zülmətdə yol getməyin nə mənası var?

Mister Foster bunu deyib susdu. Maşın hələ də irəli gedirdi. Sarı fənərlər yolu işıqlandırırdı və sürücü dördgözlə qarşısına baxırdı. İrəlidə dumanın içindən gah ağ, gah da sarı işıq görünürdü, onların ardınca isə daha parlaq işıq gəlirdi.

Sürücü maşını qəfil saxladı.

– Elə belə də bilirdim! – mister Foster qışqırdı. – Batıb qaldıq.

– Yox, cənab, – sürücü geri çevrilib dedi. – Gəlib çatdıq. Bura hava limanıdır.

Missis Foster heç nə deməyib cəld maşından düşdü və tez əsas girişlə hava limanının binasına tərəf getdi. İçəri basırıq idi. Zavallı sərnişinlər biletlərin yoxlandığı piştaxtanın ətrafında toplaşmışdılar. Missis Foster izdihamı yarıb hava limanının işçisinə müraciət etdi.

– Hə, – o dedi. – Sizin reysiniz müvəqqəti ləğv olunub. Amma, lütfən, getməyin. Biz havanın hər dəqiqə düzələcəyini gözləyirik.

Missis Foster maşında oturan ərinin yanına qayıdıb xəbəri ona çatdırdı.

– Əzizim, sən gözləmə, – o dedi. – Bunun heç bir mənası yoxdur.

– Heç gözləməyəcəm də, – əri cavab verdi. – Əsas odur ki sürücü məni geri qaytarsın. Sürücü, məni geri apara biləcəksiniz?

– Zənnimcə, hə, – sürücü cavab verdi.

– Baqajı çıxarmısınız?

– Bəli, cənab.

– Əzizim, sağ ol, – missis Foster başını pəncərədən salona soxub dodaqlarını ərinin saqqalına yapışdırdı.

– Hələlik, – o cavabında dedi. – Yaxşı yol.

Maşın tərpəndi və missis Foster tək qaldı.

Günün bundan sonrakı hissəsi ona kabus kimi göründü. Saatlar bir-birini əvəzləyir, o isə hələ də qeydiyyat piştaxtasının yaxınlığındakı skamyada oturmuşdu. Qadın, demək olar ki, hər yarım saatdan bir ayağa qalxıb xidmətçidən vəziyyətlə bağlı xəbər alırdı. Cavab da həmişə eyni olurdu – gözləmək lazımdır, çünki duman hər an seyrələ bilər. Bir də saat altıdan sonra, nəhayət, elan etdilər ki, uçuş səhər saat on birə təxirə salınır.

Bunu eşidən missis Foster nə edəcəyini bilmədi. O, hardasa daha yarım saat skamyada oturub gecəni harda keçirəcəyi barədə düşündü. Hava limanından heç getmək istəmirdi. Ərini də görmək istəmirdi. Qadın qorxurdu ki, əri bu və ya başqa yolla onun Fransaya getməsinə mane olacaq. Odur ki bütün gecəni skamyada oturmağa üstünlük verirdi. Bu hamısından yaxşıdır. Amma bir azdan lap əldən düşdü və yaşlı qadının özünü bu cür aparmasının düzgün olmadığını qərara alıb evə zəng etdi.

Əri elə həmin dəqiqələrdə kluba hazırlaşırdı. Dəstəyi özü götürdü. Qadın ona xəbərləri çatdırdı və evdə daha kiminsə olub-olmadığını soruşdu.

– Hamı gedib, – o dedi.

– Onda, əzizim, buralarda bir yerdə gecələyərəm. Mənə görə narahat olma.

– Bu, axmaqlıqdır, – kişi dedi. – Sənin ixtiyarında bu boyda ev var.

– Amma, əzizim, axı o boşdur.

– Onda mən səninlə qalaram.

– Evdə yemək yoxdur. Heç nə yoxdur.

– Onda gəlməzdən əvvəl hardasa ye. Əzizim, bu qədər yelbeyin olma. Sanki bu dünyaya özünü üzmək üçün gəlmisən.

– Hə, – qadın razılaşdı. – Bağışla məni. Burda sendviç yeyib gələrəm.

Duman az-maz seyrəlsə də, taksi ilə yol ona uzun göründü. Missis Foster Altmış ikinci küçədəki evinə kifayət qədər gec gəlib çıxdı. Arvadının gəldiyini eşidən mister Foster kabinetindən çıxdı.

– Hə, – kişi qapının ağzında dayanıb soruşdu, – Paris səfəri nə yerdə qaldı?

– Uçuş səhər saat on birdədir, – qadın cavab verdi. – Bu dəqiqdir.

– Demək istəyirsən, hava açılsa.

– O artıq açılır. Külək qalxır.

– Yorğun görünürsən, – mister Foster dedi. – Yəqin, bu gün əməlli-başlı təlaşlanmısan.

– Hə, yaman narahat gün idi. Gedim yatım.

– Səhərə maşın sifariş etmişəm, – kişi dedi. – Saat doqquza.

– Əzizim, çox sağ ol. Ümid edirəm, bu dəfə məni hava limanınadək yola salmayacaqsan.

– Yox, – əri yavaş-yavaş dedi. – Yəqin ki, yox. Lakin yolda məni kluba ata bilərsən.

Qadın ərinin üzünə baxdı və ona elə gəldi ki, bu adam hardasa çox uzaqdadır, sanki onları nəsə ayırır. Kişi birdən ondan o qədər uzaqlaşdı ki, missis Foster qarşısında duranın onun çox yaxşı tanıdığı adam, ya bir başqası olduğunu dəqiq deyə bilməzdi.

– Klub şəhərin mərkəzindədir, – qadın dedi. – O, hava limanına gedən yolun üstündə deyil.

– Amma, əzizim, sənin o qədər vaxtın var ki. Nədir, məni kluba aparmaq istəmirsən?

– Yox-yox, əlbəttə ki, gedərik.

– Bu başqa məsələ. Sabah görüşərik.

Qadın ikinci mərtəbədə yerləşən yataq otağına qalxdı. Gün ərzində üst-üstə toplanmış yorğunluq onu əldən salmışdı, odur ki yatağına girən kimi yuxuya getdi.

Missis Foster səhərisi gün erkən qalxdı və o, doqquzun yarısında artıq aşağıda yola tam hazır vəziyyətdə idi. Tezliklə, saat doqquzdan sonra əri də peyda oldu.

– Qəhvə hazırlamısan? – o soruşdu.

– Yox, əzizim. Elə bilirdim, səhər yeməyini klubda yeyəcəksən. Maşın gəlib. Bizi gözləyir. Mən hazıram.

Onlar hollda dayanmışdılar – son zamanlar, deyəsən, elə ancaq hollda görüşürdülər. Qadının əynində palto, başında şlyapa, əlində çanta vardı, kişi əcaib biçilmiş köhnə dəbli, hündür yaxalıqlı pencək geyinmişdi.

– Baqajın hardadır?

– Hava limanında.

– Hə, – o dedi. – Hə, əlbəttə ki. Əgər əvvəlcə məni kluba aparmaq fikrindəsənsə, deməli, bir az tez çıxmalıyıq, hə?

– Hə! – qadın qışqırdı. – Hə, hə, rica edirəm!

Dayan, bircə siqarımı götürüm. İndi qayıdıram. Maşına otur.

Qadın çevrilib bayıra çıxdı. Onları çöldə gözləyən sürücü maşının qapısını açdı.

– Saat neçədir? – o soruşdu.

– Artıq ona on beş dəqiqə işləyib.

Mister Foster beş dəqiqə sonra çıxdı və ərinin pilləkənlərlə yavaş-yavaş düşməsinə baxan qadın onun dar şalvarda ayaqlarının keçi ayaqlarına oxşadığına diqqət yetirdi. Kişi dünənki kimi pilləkənlərin ortasında dayanıb göy üzünə baxdı və havanı ciyərlərinə çəkdi. Hava tam açılmasa da, yüngül dumanın arasından artıq günəş şüaları görünürdü.

– Bu dəfə, bəlkə, bəxtin gətirdi, – arvadının yanında əyləşən mister Foster dedi.

– Lütfən, tələsin, – qadın sürücüyə dedi. – Şalımla işiniz olmasın. Onu özüm də düzəldə bilərəm. Lütfən, tərpənin. Mən gecikirəm.

Sürücü sükan arxasına keçib mühərriki işə saldı.

– Bir dəqiqə! – mister Foster qəfil dilləndi. – Sürücü, gözləyin.

– Əzizim, nə olub?

Qadın ərinin paltosunun cibində eşələndiyini gördü.

– İstəyirəm mənim adımdan Ellenə balaca bir hədiyyə verəsən, – o dedi. – Görəsən, hara yoxa çıxdı? Pilləkənlərlə düşəndə əlimdə idi.

– Mən sənin əlində heç nə görmədim. Bu hədiyyə söhbəti hardan çıxdı?

– Ağ kağıza bükülmüş balaca bir qutudur. Dünən sənə verməyi unutdum.

– Nə qutu?! – missis Foster əsəbi halda dedi. – Mən qutu-filan görməmişəm!

Qadın həyəcanla arxa oturacağı əlləməyə başladı. Əri isə həmin arada paltosunun cibini eşələməyə davam etdi. Sonra paltosunun düymələrini açıb pencəyinin ciblərini yoxlamağa başladı.

– Lənət şeytana, – o dedi, – yəqin, onu yataq otağında unutmuşam. Bircə dəqiqə, indi gəlirəm.

– Aman Allah, lütfən! – missis Foster çığırdı. – Bizim vaxtımız yoxdur! Lütfən, onu unut! Sonra poçtla göndərərsən. Yəqin, nəsə bir daraq-filandır. Sən ona həmişə daraq bağışlamısan.

– Başa düşmədim, darağın nəyi pisdir ki? – mister Foster hiddətlə soruşdu. Qadın, deyəsən, bu dəfə həddini aşmışdı.

– Əzizim, əmin ol ki, heç də pis deyil. Sadəcə…

– Burda otur! – kişi əmr etdi. – İndi onu gətirəcəm.

– Tez ol, əzizim! Yalvarıram, tez tərpən!

Qadın yerindən qımıldanmadan ərini gözlədi…

– Sürücü, saat neçədir?

Sürücü qolundakı saata baxdı.

– Mənimkində onun yarısına lap az qalıb.

– Hava limanına bir saata çatarıq?

– Hə, çatarıq.

Elə həmin an missis Foster əri oturan tərəfdə söykənəcəklə oturacaq arasında nəsə ağ bir şeyin ilişib qaldığını gördü. Qadın əlini uzadıb kağıza bükülmüş qutunu çıxartdı və o arada diqqət yetirdi ki, sanki qutunu qəsdən ora soxublar.

– Bu da qutu! – missis Foster çığırdı. – Mən onu tapdım! Aman Allah, indi onu düz bir saat otaqda axtaracaq! Sürücü, tez olun, qaçıb ona xəbər verin.

Sürücü, bəstəboy irlandiyalı narazı halda ağız büzüb maşından həvəssiz çıxdı və pilləkənlərlə qalxıb evin giriş qapısına doğru getdi. Sonra geri qayıdıb dedi:

– Qapı bağlıdır. Sizin açarınız var?

– Hə, indi taparam.

Missis Foster tez çantasını eşələməyə başladı. Üzündən təlaş yağırdı, dodaqları əsəbi şəkildə irəli uzanmışdı.

– Hə, tapdım! Yox-yox, özüm getsəm yaxşıdır. Belə daha tez olar. Onun harda olduğunu bilirəm.

Qadın cəld maşından çıxıb əlində açar pilləkənlərlə giriş qapısına doğru qalxdı. Açarı deşiyə salıb burmağa hazırlaşırdı ki, yerində donub-qaldı. Başını yuxarı qaldıran missis Foster dayandığı nöqtəyə mıxlandı. O, beş, altı, yeddi, səkkiz, doqquz, on saniyə gözlədi… Sonra başını irəli uzadıb gərildi və az əvvəl içəridən eşitdiyi səsin təkrarlanıb-təkrarlanmayacağına qulaq kəsildi.

Hə-hə, o dəqiq nəsə eşitməyə çalışırdı. Deyəsən, qulağını da yavaş-yavaş qapıya yaxınlaşdırırdı. Budur, qulağını qapıya dirədi, bir neçə saniyə bu pozada dayandı – baş yuxarı qalxıb, qulaq qapıya dirənib, əli açarı sıxıb… Evin dərin qatlarından gələn hansısa səslərə qulaq verib, elə indicə evə daxil olacaq.

Sonra missis Foster silkinib açarı deşikdən çıxartdı və pilləkənlərlə aşağı qaçdı.

– Artıq çox gecdir! – o, sürücüyə qışqırdı. – Onu gözləyə bilmərəm, sadəcə, bilmərəm. Mən təyyarəyə gecikirəm. Sürücü, tez olun! Hava limanına!

Sürücü qadına diqqətlə baxsaydı, onun üzünün kağıztək ağardığının fərqinə varardı. İndi bu sima o qədər də səfeh görünmürdü, əksinə, üstünə sərt bir pərdə çökmüşdü. Missis Foster, adətən, küncləri aşağı baxan ağzını büzdü, gözləri parıldadı, səsində hökmlü intonasiya peyda oldu.

– Sürücü, tez olun, ləngiməyin!

– Bəs əriniz sizinlə getmir? – sürücü təəccüblə soruşdu.

– Əlbəttə ki, yox! Mən onu klubda düşürəcəkdim. Amma artıq bunun bir önəmi yoxdur. O məni başa düşər. Taksi götürər. Siz də məni bu qədər danışdırmayın! Mən Parisə uçan təyyarəyə çatmalıyam!

Arxada oturan missis Fosterin durmadan tələsdirdiyi sürücü tezliklə hava limanına çatdı və qadın uçuşdan bir neçə dəqiqə əvvəl təyyarəyə minməyə macal tapdı. O, kreslosuna yayxanıb pəncərədən Atlantik sularını seyr etməyə başladı. Nəhayət, Parisə yollanır, mühərrikin uğultusunun müşayiəti ilə düşündü. Əcaib hisslər keçirirdi. O özünü olduqca əmin və yaxşı hiss edirdi ki, bu da şübhə doğururdu. Ruh halı qadını azacıq ehtiyatlandırırdı, amma təyyarə Nyu-Yorkdan və Altmış ikinci küçədən uzaqlaşdıqca qadın daha çox sakitləşirdi. Parisə çatan missis Foster özünü son dərəcə əmin, soyuqqanlı və sakit hiss edirdi.

O öz nəvələrini gördü və həyatda bu uşaqlar şəkildəkindən də qəşəng idilər. Sadəcə, mələkdirlər, o özünə deyir, çox qəşəngdirlər. Missis Foster nəvələrini hər gün gəzməyə aparır, onlara pirojna yedizdirir, hədiyyələr alır və maraqlı əhvalatlar danışırdı.

O, həftədə bir dəfə, çərşənbə axşamı ərinə məktub yazırdı – təzə xəbərlərlə və qeybətlə dolu mehriban, səmimi məktublar və onlar həmişə bu sözlərlə bitirdi: «Əzizim, vaxtında yeməyi unutma, hərçənd qorxuram ki, yanında olmadığım üçün bunu etməyəsən».

Altı həftə keçəndən sonra Amerikaya, ərinin yanına qayıtmalı olduğuna görə hamı məyus oldu. Daha dəqiq desək, ondan başqa hamı. Maraqlıdır ki, gözləniləndən fərqli olaraq, o bu gerçəyi rahatlıqla qarşılayırdı. Və missis Foster doğmaları ilə sağollaşanda davranışından və sözlərindən nəsə hiss olunurdu ki, qadın tezliklə geri qayıdacaq.

Lakin o, sadiq qadın kimi Parisdə lazım olandan çox qalmadı. Düz altı həftədən sonra ərinə teleqram göndərdi və Nyu-Yorka uçan təyyarəyə mindi.

Aydluaylda çatan missis Foster heç kəsin onu qarşılamadığını gördü. Bu ona maraqlı gəldi. Lakin bununla belə son dərəcə sakit idi və baqajını taksiyə aparan hambala lazım olandan çox pul vermədi.

Nyu-Yorkda Parisə nisbətən soyuq idi, küçələr boyu navalçalarda çirkli qar qalıqları vardı. Taksi Altmış ikinci küçədəki evə yaxınlaşdı və missis Foster sürücünü onun iki çamadanını pilləkənə kimi daşımağa razı sala bildi. Sonra onunla hesablaşıb zəngi basdı. Qapıda gözlədi, lakin zəngə heç kəs hay vermədi. Hər ehtimala qarşı, zəngi bir dəfə də basdı və səsin hardasa yemək otağında əks-səda verdiyini eşitdi. Qapıya isə heç kəs yaxınlaşmadı. O, açarını çıxarıb özü qapını açdı.

İçəri girərkən ilk gördüyü şey poçt yeşiyinin deşiyindən döşəməyə düşmüş bir yığın məktub oldu. Ev qaranlıq və soyuq idi. Babanın saatının üstündə əvvəlkitək mələfə vardı. Boş ev adamın üstünə gəlirdi və havada tanış olmayan qəribə, zəif bir qoxu hiss olunurdu.

Missis Foster holldan keçib bir anlıq sol tində itdi. Bu hərəkətdə nəsə qəsdən edilmiş bir şey vardı. Qadın sanki şayiələrin doğruluğunu yoxlamağa, ya da hansısa şübhəsindən əmin olmağa gedirdi. Bir neçə saniyə sonra geri qayıdanda isə üzündə xəfif məmnunluq sezilirdi.

O, hollda dayanıb, sanki bundan belə nə edəcəyini düşündü. Sonra geri çevrilib ərinin kabinetinə getdi. Yazı masasının üzərindəki ünvan kitabçasını götürüb tələsmədən vərəqlədi, dəstəyi qaldırıb nömrəni yığdı.

– Alo, – o dedi. – Altmış ikinci küçədəki doqquzuncu evdən narahat edirlər… Hə-hə. Bura təcili kimisə göndərə bilərsiniz? Hə, deyəsən, ikinci və üçüncü mərtəbənin arasında ilişib qalıb. Hər bir halda mənə belə gəlir… İndi gəlirsiniz? Çox yaxşı, lütf etdiniz. Bilirsiniz, bu ayaqlarla artıq pilləkənləri qalxmaqda çətinlik çəkirəm. Çox sağ olun. Hələlik.

O, dəstəyi qoyub eləcə ərinin yazı masasının arxasında oturub-qaldı və tezliklə gəlib lifti təmir edəcək işçini gözlədi.




MADAM ROZETT


– Aman Allah, necə də yaxşıdır, – Qoca dedi.

O bir əlində sodalı viski qədəhi, digərində siqaret vannada uzanmışdı. Vanna ağzınacan dolu idi və o, vaxtaşırı ayaq barmaqları ilə kranı çevirərək qaynar su əlavə edirdi.

O, başını azca qaldırıb bir udum viski içdi, sonra yenə geri söykənib gözlərini yumdu.

– Yalvarıram, çıx, – qonşu otaqdan səs eşidildi. – Qoca, çıx, bir saatdan çoxdur ki, ordasan.

Gənc çarpayının qırağında çılpaq oturub stəkandan yavaş-yavaş içir və öz növbəsini gözləyirdi.

– Yaxşı, – Qoca hay verdi. – Suyu buraxıram.

O, ayağını uzadıb tıxacı çıxartdı.

Gənc ayağa qalxıb əlində stəkan tələsmədən vanna otağına getdi. Qoca vannada bir az da uzanıb, sonra stəkanını ehtiyatla sabun taxçasına qoydu, ayağa qalxıb dəsmalı götürdü. O, bəstəboy idi, güclü, üstəlik, yoğun ayaqları və baldırları vardı. Kürən və dalğalı saçları cod idi, bir qədər sivri üzünü çillər basmışdı. Sinəsindəki tüklər də kürən idi.

– Aman Allah, – o, vannanın dibinə baxıb dedi, – mən ki səhranın yarısını bura gətirmişəm.

– Yaxşısı budur, qumu yuyub-təmizlə və məni ora burax. Beş aydır ki, vannada yuyunmamışam.

Bu, müharibənin əvvəlində, biz Liviyada italyanlarla döyüşəndə baş vermişdi. Çətin günlər idi, çünki təyyarəçilər azlıq edirdi, əvəzində çox uçmalı olurduq. Onları, şübhəsiz ki, İngiltərədən göndərə bilməzdilər, çünki döyüş Britaniya uğrunda idi. Buna görə də uzun müddət səhrada qalmaq və əcaib, qeyri-təbii həyat sürmək lazım gəlirdi. Çirkli balaca çadırda yaşayır, hər gün eyni parçdakı su ilə əl-üzünü yuyur və üzünü qırxır, sonra elə həmin parçın suyu ilə dişlərini təmizləyir, ya çayın, ya da yeməyin içindən hökmən milçək çıxarmalı olurdun. Üstəlik, bu qum fırtınaları həm çöldə, həm də çadırda eyni cür vıyıldayır və bütün bunlar hətta ən təmkinli kişini belə özündən çıxarırdı. İradəsinə hakim ola bilməyən əsgərlər yoldaşlarına partlayır və özlərinə hirslənirdilər. Onlar dizenteriyadan, «Misir ishalı»ndan, qulaq ağrısından və səhra həyatında qaçılmaz olan digər xəstəliklərdən əziyyət çəkirdilər. Başlarına C-79 italyan təyyarələrindən bombalar yağan bu kişilərin qadınları yox idi və onlar hazırda olduqları yerdə çiçəklərin bitdiyini görmürdülər. Onların, demək olar ki, heç nələri yox idi, həyat bircə qumdan, qumdan və qumdan ibarət idi. Onlar italyan CP-42-lərlə köhnə «gloster-gladiatorlar»la vuruşur, uçmayanda isə özlərinə başqa bir məşğuliyyət tapa bilmirdilər.

Bəzən birisi əqrəb tutur, onları kerosin kanistrinə salır və həşəratları ölümünə döyüşdürürdü. Eskadrilyada əqrəblər arasında həmişə bütün döyüşləri udan məğlubedilməzlər, çempionlar, öz Co Luisləri[10 - Co Luis (1914-1981) – amerikalı boksçu, 1937-1949-cu illərdə ağır çəkidə dünya çempionu] olurdu. Ona ləqəb verirdilər; o məşhurlaşırdı, məşq rasionu isə böyük sirr olurdu və bu sirri təkcə sahibi bilirdi. Məşq rasionunun əqrəb üçün mühüm olduğu hesab edilirdi. Bəzilərinə qaxac ət yedizdirirdilər, digərlərinə «makonaçiz» adlı iyrənc ət konservi verirdilər, üçüncüləri böcəklərə qonaq edirdilər, üstəlik, elələri də olurdu ki, onlara döyüşdən əvvəl pivə içizdirirdilər. Pivə əqrəbi guya xoşbəxt və özündən əmin edirdi. Amma pivə içən həşəratlar həmişə uduzurdular. Hərçənd böyük döyüşlər və böyük çempionlar olurdu və axşamlar uçuşlar bitəndən sonra bir qrup təyyarəçi və texnikin qumsallıqda dövrə qurduğunu görmək mümkün idi. Onlar əllərini dizlərinə dirəyib döyüşü izləyir, əqrəbləri həvəsləndirir və sanki boksçulara, ya da pəhləvanlara tamaşa edirlərmiş kimi çığırışırdılar. Sonra qələbə anı gəlir və qalib sahib şadyanalıq edirdi. O, qumun üstündə hoppanıb-düşür, qışqırır, əl-qolunu yelləyir və müzəffər həşəratın məziyyətlərini sadalayırdı. Ən görkəmli əqrəbin sahibi Xəyalpərəst adlı serjant idi. O, çempionu təkcə marmeladla yemləyirdi. Ədəbsiz ləqəbi olan və dalbadal qırx iki döyüş udan bu əqrəb günlərin bir günü məşq zamanı sakitcə öldü. Hadisə Xəyalpərəst onu nəslini davam etdirmək üçün azadlığa buraxmağa hazırlaşanda baş verdi.

Gördüyünüz kimi, səhra həyatı böyük sevinc gətirmədiyindən onu balaca sevinc əvəzləyir və uşaq oyunları yaşlı kişilərin əyləncəsinə çevrilir. Bu orda olan hər kəsə aid idi: həm təyyarəçilərə, həm mexaniklərə, həm paraşüt qablaşdıranlara, həm yemək hazırlayan kaprallara, həm də dükan sahiblərinə. Bu, Qocaya da, Gəncə də aid idi. Onlar yalvar-yaxar iki sutkalıq məzuniyyət götürə bilmiş və təyyarə ilə Qahirəyə gəlmişdilər. Mehmanxanaya gələn Qoca ilə Gənc vannanı elə səbirsizliklə gözləmişdi ki, bəlkə də, yeni evlənənlər ilk gecələrini bu qədər arzulamamışdı.

Qoca qurulandı, sonra dəsmalı belinə sarıyıb və əllərini başının altına qoyub çarpayıda uzandı. Gənc vanna otağında idi. O, başını vannanın ucuna qoyub isti sudan həzz alır və bunu inildəməklə büruzə verirdi.

– Gənc, qulaq as görüm, – Qoca dedi.

– Eşidirəm.

– Bəs indi nə ilə məşğul olacağıq?

– Qadınlarla, – Gənc cavab verdi. – Qadın tapıb şam yeməyinə dəvət edəcəyik.

– Bu sonranın işidir, – Qoca dedi. – Bu gözləyə bilər.

Axşam təzə düşmüşdü.

– Mən belə düşünmürəm, – Gənc dedi.

– Mənsə düşünürəm ki, – Qoca etiraz etdi, – bu gözləyə bilər.

Qoca bu dünyada çox yaşamış və çox şey görmüşdü. Tələsik hərəkət etmək ona görə deyildi. İyirmi yeddi yaşı vardı, eskadrilyada komandir də daxil olmaqla hamıdan çox yaşlı idi və hər kəs onun ağzından çıxana hörmətlə yanaşırdı.

– Əvvəlcə dükanları gəzək, – o dedi.

– Sonra? – vanna otağından səs gəldi.

– Sonra vəziyyətə uyğun hərəkət edərik.

Ortaya sükut çökdü.

– Qoca?

– Hə.

– Burdakı qadınlardan kimisə tanıyırsan?

– Vaxtilə tanıyırdım. Bir türk qızı vardı, dərisi bəmbəyaz idi. Adı Venka idi. Biri də Yuqoslaviyadan vardı, məndən bir baş hündür idi, Kiki deyə çağırırdılar. Hə, bir də, deyəsən, suriyalı. Amma adını xatırlamıram.

– Onlara zəng edək, – Gənc dedi.

– Sən viski gətirməyə gedəndə artıq zəng etmişəm. Heç birini tapmadım. Alınmadı.

– Elə həmişə belə olur, – Gənc dedi.

– Əvvəlcə dükanları gəzək, – Qoca dedi. – Nə qədər desən vaxtımız var.

Gənc vannadan bir saatdan sonra çıxdı. Hər ikisi bozumtul-yaşıl rəngdə təmiz şort və köynək geyinib aşağı düşdü. Onlar mehmanxananın vestibülündən keçib qızmar günəşin yandırdığı küçəyə çıxdılar. Qoca qara eynək taxdı.

– Mənə nə lazım olduğunu bilirəm, – Gənc dedi. – Gün eynəyi.

– Yaxşı. Gedək alaq.

Arabaçı saxlayıb, ona Siqurelə getməyi əmr etdilər. Gənc eynək, Qoca isə poker zərləri aldı, sonra boğanaq və qələbəlik küçədə yavaş-yavaş yeridilər.

– Qıza fikir verdin? – Gənc soruşdu.

– Eynəyi aldığın qızı deyirsən?

– Hə. Qaraşını.

– Yəqin, türk qızıdır, – Qoca dedi.

– Mənə fərq etməz, – Gənc dedi. – Amma yaman qəşəng qız idi. Sənə belə gəlmədi?

Onlar əllərini ciblərinə salıb Şəriə-Qəsr-əl-Nil boyu gəzirdilər. Gənc elə indicə aldığı eynəyini taxdı. Hava çox isti idi. Tozlu küçə misirlilərlə, ərəblərlə və ayaqyalın oğlan uşaqları ilə dolu idi. Milçəklər bu oğlanların iltihabdan qızarmış gözlərinin ətrafında dövrə vuraraq vızıldayırdı. Onlar lap uşaq olanda anaları başlarına nəsə dəhşətli bir şey gətirdiklərindən gözləri bu vəziyyətə düşmüşdü. Qadınlar bunu övladları böyüyəndə orduya götürülməsinlər deyə etmişdilər. Oğlanlar Qoca ilə Gəncin dalınca gəlir və yorulmadan qışqırırdılar: «Bəxşiş! Bəxşiş!» – milçəklər də dilənçilərdən əl çəkmirdilər. Qahirə başqa şəhərlər kimi qoxumur. Burda bir şeyin iyi gəlmir və bu iy, üstəlik, bir yerdən gəlmir. Bu qoxu hər şeyin üzərinə çöküb: qanovlara, səkilərə, evlərə, dükanlara, dükanlarda satılan mallara, elə küçənin ortasındaca hazırlanan yeməklərə, atlara və küçələrdəki at peyinlərinə. Adamlara və qızmar şüalarını onların başına yağdıran günəşə də, qanovlara da, atlara da, yeməyə və küçəni başına alan tullantılara da bu iy hopub. Bu əlahiddə qoxuda eyni zamanda həm şirin, həm çürük, həm qaynar, həm duzlu, həm də acı nəsə hiss olunur və o heç vaxt yoxa çıxmır, hətta sərin sübh çağında belə.

İki təyyarəçi qələbəlikdə sallana-sallana gəzişirdilər.

– Məgər sənin ağlını başından almadı? – Gənc soruşdu.

O, Qocanın fikrini öyrənmək istəyirdi.

– Qəşəng idi.

– Qəşəng dedin qoydun. Bilirsən, Qoca?

– Nə?

– Axşamı bu qızla keçirmək istərdim.

Onlar küçənin o başına keçib irəli getdilər.

– Yaxşı görək, – Qoca dedi. – Bəlkə, madam Rozettə zəng edəsən?

– Rozett hardan çıxdı?

– Madam Rozett, – Qoca ona düzəliş verdi. – Böyük qadındır.

Onlar «Timin Barı»na yaxınlaşdılar. Barın yiyəsi Tim Gilfillan adlı bir ingilis idi. Ötən dəfəki müharibədə serjant-kvartirmeyster olan bu adam hərbçilər Qahirəni tərk edəndən sonra hansısa yolla orda qala bilmişdi.

– Bu da Tim, – Qoca dedi. – Gəl ona baş çəkək.

İçəridə Timdən başqa heç kəs yox idi. O, piştaxtanın arxasında butulkaları taxçalara qoymaqla məşğul idi.

– Belə-belə işlər, – geriyə çevrilən bar yiyəsi dedi. – Uşaqlar, neçə vaxtdır harda itib-batmışdınız?

– Salam, Tim.

O, təyyarəçiləri xatırlamırdı, lakin bircə baxış kifayət idi ki, bu adamların səhradan gəldiyini anlayasan.

– Köhnə dostum Qrasiani necədir? – Tim barın piştaxtasına söykənib dedi.

– Bizdən o qədər də uzaqda deyil, – Qoca cavab verdi. – Mersanın yaxınlığındadır.

– İndi hansı təyyarələrdə uçursunuz?

– «Qladiator»larda.

– Lənət şeytana, onlarda səkkiz il bundan əvvəl uçurdular.

– Elə həmin təyyarələrdir, – Qoca dedi. – Lap köhnəliblər.

Onlar viski götürüb küncdəki masaya doğru getdilər.

– Bu Rozett kimdir? – Gənc soruşdu.

Qoca dərin bir udum edib stəkanı qoydu.

– Böyük qadındır, – o cavab verdi.

– Kimdir ki?

– Qoca və murdar suriyalı yəhudi.

– Bunu bildik, – Gənc dedi, – amma onu niyə xatırladın ki?

– İndi sənə danışaram, – Qoca cavab verdi. – Madam Rozett yer üzündə ən böyük fahişəxananın sahibidir. Deyilənə görə, o, adama Qahirənin istənilən qızını təşkil edə bilər.

– Cəfəngiyyatdır.

– İnanmırsan? Onda ona zəng et və qızı harda gördüyünü, hansı dükanda, hansı şöbədə işlədiyini, necə göründüyünü ətraflı təsvir et, yerdə qalanını özü düzüb qoşacaq.

– Bu qədər sadəlövh olma, – Gənc dedi.

– Bu həqiqətdir. Təmiz həqiqət. Mənə onun haqqında otuz üçüncü eskadrilyada danışıblar.

– Səni ələ salıblar.

– Yaxşı. Gəl telefon sorğu kitabçasını götürüb onun nömrəsini tapaq.

– Bu soyadla onu çətin ki telefon sorğu kitabçasında tapasan.

– Mənsə sənə deyirəm tapacaqsan, – Qoca söylədi. – Get madam Rozetti axtar. Haqlı olduğumu görəcəksən.

Gənc ona inanmadı, amma yenə də Timin yanına gedib ondan telefon sorğu kitabçasını istədi. Geri qayıdıb kitabçanı masanın üstünə qoydu və «Roz…»la başlayan soyadları tapanacan onu vərəqləməyə başladı. Barmağı Rozeppi… Rozeri… Rozett sütununda gəzdi. Bu da madam Rozett, ünvan və telefon nömrəsi, hər şey var. Qoca onu diqqətlə izləyirdi.

– Tapdın?

– Hə, bax burdadır. Madam Rozett.

– Hə, bəlkə, ona zəng edəsən?

– Ona nə deyəcəm ki?

Qoca stəkanının dibinə baxdı və buz parçalarını barmağı ilə qarışdırdı.

– Polkovnik olduğunu söylə, – o cavab verdi. – Polkovnik Higgins. Təyyarəçilərə o qədər də etibar etmir. Bir də de ki, Siqureldə gün eynəkləri satan qəşəng qaraşın qız görmüsən və özün dediyin kimi, onunla şam etmək istəyirsən.

– Burda telefon yoxdur.

– Niyə yoxdur ki? Bax orda.

Gənc ətrafa boylandı və barın piştaxtasının sonunda divardan asılmış telefonu gördü.

– Mənim piastrım yoxdur.

– Məndə var, – Qoca dedi.

O, cibindən çıxardığı pulu masanın üstünə qoydu.

– Tim nə danışdığımı eşidəcək.

– Cəhənnəmə eşitsin, nə dəxli var ki? Bəlkə, elə özü də bəzən ona zəng edir. – Sonra əlavə etdi: – Qorxaqsan.

– Sənsə pox, – Gənc dedi.

Gənc lap uşaq idi. Bu yaxınlarda on doqquz yaşı tamam olmuşdu – Qocadan səkkiz yaş kiçik idi. Kifayət qədər hündür və arıq idi, gur qara saçları, qəşəng üzü və iri ağzı vardı; səhra günəşi dərisini qəhvə rəngində etmişdi. Heç şübhəsiz ki, eskadrilyada ən yaxşı təyyarəçi idi. Müharibənin əvvəlindəcə on dörd italyan vurmuşdu və bu, sənədlə təsdiqlənmişdi. Yerdə yorğun adamlar kimi ağır-ağır hərəkət edirdi, elə düşünməyi də bu cür idi, lap yuxulu uşaqlar kimi. Amma havaya qalxanda ağlı iti işləyirdi, elə hərəkətləri də ondan geri qalmırdı, o qədər sürətlə hərəkət edirdi ki, sanki bütün bunları reflekslə yerinə yetirirdi. Yerdə gəzəndə elə təəssürat yaranırdı ki, sanki kabinəyə oturmazdan əvvəl güc toplaması üçün istirahət edir, mürgüləyir, əvəzində sonra sağlam və qıvraq görünür və ikisaatlıq ifrat fikir cəmliyinə hazır olurdu. Amma indi Gənc aerodromdan uzaqda idi və nəsə onu uçuşdakı kimi sayıq olmağa məcbur edirdi. Bəlkə də, bu vəziyyət uzun çəkməyəcəkdi, amma ən azından həmin dəqiqə fikrini bir yerə cəmləyərək hərəkət edirdi.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/roald-dal/hekay-l-r-68289388/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Snetok – şimal göllərində yaşayan balıq növü




2


Mozelveyn – Almaniyanın ən qədim şərab bölgələrindən biri olan Mozel çayı vadisində hazırlanan yüngül ətirli şərab növü




3


Klaret – Bordonun bir neçə qırmızı şərab növünün ümumi adı




4


Reynveyn – Reyn çayı sahilindəki üzümlüklərdən istehsal olunan şərab növü




5


Rostbif – qızardılmış mal əti




6


Spitfayr – İkinci dünya müharibəsi dövründə Britaniya qırıcı təyyarəsi, hərfi mənası qılıqsız, tündməzac.




7


Fransız dilindən tərcümədə – «ehtiyatlı olun, it qapa bilər»




8


«Qanadlar» – təyyarəçilərin döş nişanı




9


Endryu Karnegi (1835-1919) – amerikalı sahibkar və xeyriyyəçi




10


Co Luis (1914-1981) – amerikalı boksçu, 1937-1949-cu illərdə ağır çəkidə dünya çempionu


Hekayələr Роальд Даль

Роальд Даль

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Роальд Даль на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв