Hekayələr

Hekayələr
Fazil İskəndər
Hekayə ustaları
Fazil İskəndərin bu kitabda toplanan hekayələrini oxuduqca müəllifin müstəsna yumor hissinə, hadisələri canlı təsvir bacarığına və həyatı dərindən bilməsinə valeh olacaqsınız.

Fazil İskəndər
Seçmə hekayələr

SANDRO ƏMİ VƏ QUL HƏZRƏT
Bu əhvalatı mənə Sandro əmi «Amra» restoranının yuxarı mərtəbəsində, çadır altındakı məclisimizdə danışıb. Deyəsən, mən bu restoranın yuxarı mərtəbəsini çox tez-tez xatırladıram. Amma neyləyəsən, şəhərimizdəki xudmani yerlər lap azalıb. Burada isə yayın qızmarında da sərin meh əsir, qüllədən suya tullanan uşaqların şappıltısı, şən səsləri adamın əsəblərini sakitləşdirir, körfəzdə küləkdən əyilən yelkənli qayıqların suyun ayna sinəsini yaran maili uçuşu göz oxşayır; öz mailliyi ilə məşhur olan Piza qülləsi, yəqin ki, bu uçuşa həsəd aparardı.
Yeri gəlmişkən, Piza qülləsi haqqında. Mən hər dəfə onu albomlarda və ya həvəskar şəkillərində görəndə özümdən asılı olmayaraq əsəbiləşirəm. Həm də əsəbiləşdiyimi nəyə görəsə gizlətməli oluram. Özüm bu cür albomlar saxlamıram və heç vaxt da bu qülləni çəkmək imkanım olmayıb. Onu hər dəfə bu və ya digər şəkildə başqaları göstərib, mən də həmişə təşəkkür əlaməti olaraq bu qüllənin əcaib əyriliyinə təəccüblənməli olmuşam.
Axı nə qədər əyri durmaq olar, bunun bir axırı olmalıdır, ya yox?! Mən belə düşünürəm: çox da sən Piza qülləsisən, ya birdəfəlik yıxıl, ya da düzəl! Axı bu əbədi əyrilik – əyri ürəklərin, əyri ideyaların davamlılığına gözəl nümunədir.
Hərdən gecələr məni qara basır və tez-tez bir yuxu görürəm. Görürəm ki, məni İtaliyaya gətiriblər və elə bir yerə bağlayıblar ki, oradan gecə-gündüz Piza qülləsini seyr etməli oluram. Qüllənin mənasız əyriliyi məni cin atına mindirir və fikirləşəndə ki, nə qədər sağam o yıxılmayacaq, mən durduqca duracaq, hirsimdən az qala bağrım çatlayır.
Hərdən bu vahiməli yuxuda bir italiyalı da peyda olur və onun gəlişi vahiməni daha da artırır. Gərək ki, adı Luici Lonqodur, amma özü nədənsə bunu boynuna almır. O, gündə üç dəfə spagetti gətirir və Piza qülləsinin qarşısını tutaraq məni yedizdirir. Ancaq eyni zamanda o mənə Avropa kommunizmindən mühazirə oxuyur. Onun mühazirəsindən özümü o qədər naqolay hiss edirəm ki, az qalıram qışqırım:
– Amiqo Lonqo, çəkil sən Allah, Piza qülləsi bundan yaxşıdır.
Yuxuda mən italyanca əla danışıram, ancaq susuram, çünki bu əsrarəngiz spagetti çox dadlı şey imiş və mən guya hər dəfə özümə söz verirəm:
– Bax bir qaşıq da yeyim, sonra ağzımdan çıxanı ona deyəcəyəm.
Di gəl, mən ona heç nə demirəm, çünki növbəti qaşıqdan imtina etməyə iradəm çatmır və buna görə də özümü bir az da alçalmış hiss edirəm, amma bu həqarət heç iştahamı pozmur, əksinə, daha da gücləndirir.
Qərəz, mən mühazirəçimə sonuncu makarona qədər qulaq asmalı oluram. Sonra isə, axırıncı qaşığın ardından olan-qalan vicdanım yol vermir ki, düşündüyümü ona deyim. Heç olmasa, axırıncı qaşıqdan imtina edə bilsəydim, deyərdim. İntəhası, neyləyim, alınmır. Vicdan da yaxşı şeydir axı, bircə qaşıqdan keçə bilmirsənsə, nə danışasan.
Budur, o çıxıb gedir və yenə də gözlərim önündə əyri qüllə peyda olur. Bu yaxınlarda mən dostlarımdan eşitdim ki, bir polyak mühəndisi Piza qülləsinin düzəlməsi layihəsini işləyib hazırlamışdır. Elə polyaka yaraşmışdı belə bir layihəni hazırlamaq. Guya Polşada artıq hər şey düzəlib, indi də bu polyak Piza qülləsini əyrilikdən xilas etməyi qərara alıb.
Bir fikir mənə rahatlıq vermir: bəlkə, Piza qülləsinin əyriliyi bir işarədir – həyatımızın Allahın iradəsindən dönmə bucağını təyin edir. Və yaxud, yazıq Piza qülləsi düz dayanır, əyri dayanan yerdir, o da bizim mənfur əməllərimizdən əyilib.
Qərəz, biz «Amra» restoranının yuxarısındayıq. İştirak edirlər: Sandro əmi, knyaz Emuxvari, əmim oğlu Kamal, fotoqraf Xaçik və mən.
Görüşün məqsədi? Bu cür müstəntiq sualına mən cavab verməyə də bilərəm, çünki məqsəd heç olmaya da bilərdi, ancaq bu dəfə var idi.
Məsələ burasındadır ki, mənim əmim oğlu Kamal – keçmiş hərbi təyyarəçi, indi isə Muxus hava limanının mülki qovşaqçısı – öz maşınında gedərkən, necə deyərlər, sərxoş halda avtomobil müfəttişi tərəfindən yaxalanmışdı. Mən bir neçə dəfə onun bu halda maşın sürdüyünü görmüşəm, amma hərbi təyyarəçiyə xas olan dəqiq refleks və polad kimi möhkəm əsəb sistemi həmişə onun dadına çatırdı.
Mən dəfələrlə avtomobil müfəttişinin onu saxladığının şahidi olmuşam, ancaq hər dəfə müfəttişin diqqətini cəlb edən hərəkət qaydalarının pozulması deyil, maşının arxa oturacağından gələn şən hay-küy səsləri olub.
Belə hallarda əmioğlu, adətən, müfəttişə tərəf baxmadan sürücülük vəsiqəsi əvəzinə «Sovet milisi» jurnalının ştatdankənar müxbiri vəsiqəsini dürtürdü və eyni zamanda öz Napoleon profili ilə ona təsir etməyə çalışırdı. Profildən isə, aydın məsələdir ki, çaxır iyi gəlmir.
Vəsiqə hər dəfə öz fövqəladə təsirini göstərirdi. Ancaq bu dəfə nömrə keçmədi. Gecə vaxtı idi, özü də maşında tək-tənha. O isə gecə vaxtı sərxoş halda tək-tənha maşın sürəndə onun hərbi təyyarəçi refleksinə hiss olunmadan gecə bombardmançısı refleksi də qoşulur. Ona elə gəlir ki, müharibə hələ qurtarmayıb və o, Köniqsberqi bombalamağa uçur. Yazıq unudur ki, bu şəhər artıq xərabəliklərdən qalxıb və adının qotik itibucaqlılığını yumşaldıb, sovet transkripsiyasında Kalininqrada çevrilib.
Stalin dövründə onun bu gecikmiş refleksinə görə on il iş verə bilərdilər. Bizim bu gözəl zəmanəmizdə isə avtomobil müfəttişi əmioğlunu yalnız ona görə saxlayıb ki, kişi öz «Jiquli»sindən təyyarə sürəti sıxmağa çalışıb.
Kamal maşını saxlayıb. Əgər bir az də dözüb ona yaxınlaşan avtomobil müfəttişinə «Sovet milisi» jurnalının ştatdankənar müxbiri vəsiqəsini göstərsəydi, bəlkə də, hər şey yaxşı qurtarardı. Lakin əmioğlu maşını saxlayan kimi elə bir div yuxusuna gedib ki, yalnız səhərisi gün avtomobil müfəttişliyində oyanıb.
Bu yerdə artıq işə Abxaziya avtomobil müfəttişliyinin rəisi qarışıb. Yol hərəkəti qaydalarının islahedilməz pozucusu yuxuda ikən daşdan keçən bir akt yazılıb və Kamal ayılanda onun sehrkar vəsiqəsi artıq özünün fövqəladə təsir qüvvəsini itirmiş olub. Rəisin mənliyi qələbə çalıb.
Kamalı az qala yarım illiyə sürücülük hüququndan məhrum ediblər. Artıq öz mənasını itirmiş «Sovet milisi» jurnalının ştatdankənar müxbiri vəsiqəsini isə əlindən almayıblar, bu da, bir növ, ona rişxənd eləmək idi. Piyada gəzməyə həddən artıq tənbəl olan Kamal bu cəza ilə heç cür barışa bilmirdi.
Elə bu məsələyə görə də biz Sandro əmiyə müraciət etdik. Sandro əmi knyaz Emuxvarini məsləhət gördü. Knyaz Emuxvari bir vaxtlar fotoatelyenin müdiri işləmişdi, indi isə şəxsi foto kontoru açmışdı.
Əlbəttə, Kamal knyazı əvvəllər də tanıyırdı. Ancaq təbiətən fleqmatik olduğundan o, həyata münasibətdə konservator idi və elə hesab edirdi ki, bizim ölkədə zadəganların nüfuzuna son qoyulub. Kamal ömrünün çox hissəsini Mərkəzi Rusiyada keçirmişdi, orada isə əgər iki cüt bir tək zadəgan qalmışdısa, onlar da Kamalın yaşadığı hərbi hava limanlarına yaxın düşmürdülər (əgər düşmək istəsəydilər belə, onları hərbi aerodroma buraxan kim idi). Bu səbəbdən o, knyaz Emuxvari ilə tanışlığına heç bir əhəmiyyət vermirdi.
Amma həyata gözəl bələd olan Sandro əmi Kamalı qandırdı ki, tarixin qanunları haqda onun çox səthi anlayışı var.
Sən demə, avtomobil müfəttişliyi rəisinin anadan olduğu kənddə inqilabdan qabaq bizim knyazın uzaq qohumlarından biri knyazlıq edirmiş. Görünür, yaxşı knyazlıq edirmiş, çünki hətta uzaq qohumluq kifayət etdi ki, bu işi tez bir zamanda yola verək.
Kamalın fleqmatizmi haqda bir söz də deyim yadımdan çıxmamış. Əlbəttə, o, soyuqqanlı adamdır, ancaq onun keyliyi haqda şayiələr, məncə, bir qədər şişirdilib; məsələn, mənim bacım deyir ki, Kamal səhərlər ona zəng edəndə o, əmisi oğlunu uzun-uzadı hıqqanmağından tanıyır və guya ona deyir:
– Kamal, əzizim, sən fikrini cəmlə, mən özümə bir qəhvə dəmləyim.
Guya ki o, fikrini cəmləyənə kimi bacım qəhvəni hazırlamağa macal tapır, bəzən isə hətta qayğanaq bişirməyə də vaxt qalır. Bax qayğanaq məsələsi, məncə, şişirdilib, ancaq qəhvə ola bilər: Kamal fikirləşib söz deyənə kimi yaxşı bir türksayağı qəhvə dəmləmək olar.
Sözsüz, Kamal bir qədər laqeyd və süst adamdır. Ancaq onu qızışdırsan, yaxşı söhbətlər eləyər. Ürəyimə damıb ki, bizim bu hekayədə də o öz sözünü deyəcək, ancaq indi yox, axıra yaxın. Ona görə də gəlin bir az səbir eləyək. Ümumiyyətlə, Kamalla iş görənin gərək böyük səbri olsun.
…Onun müharibədən sonra evimizə ilk gəlişi yaxşı yadımdadır. O vaxt Kamal boylu-buxunlu, qədd-qamətli bir zabit idi, yanında tosqun, şən-güləyən arvadı var idi, əlində də Yeseninin solğun-mavi rəngli qəmgin kitabı.
O vaxt Yeseninin şeirlərini əzbər bilirdim, ancaq onun nəşrolunma kitabını görməmişdim, heç əlimdə də tutmamışdım. Bu kitab o zaman ağır xəstəlikdən yenicə dirçələn Rusiyanın solğun çöhrəsini xatırladırdı.
Bir dəfə Tolstoyun «Tövbə»sini oxuduqdan sonra öz «Tövbə»mi yazmışam. Bu heç də yalnız Tolstoyun təsiri deyildi, sadəcə olaraq o vaxt məndə belə bir inam var idi ki, tövbə etməyə mənim də kifayət qədər əsasım var. Yadımdadır, onun sırtıq arvadı mənə – doqquzuncu sinif şagirdinə – gülürdü, özü isə bərkdən şaqqanaq çəkmişdi.
Kamal bizim aerodromlardan birində işə düzəldi, sonra nə isə onunku güləyən ilə tutmadı və onlar ayrıldılar. Arvad Moskvaya getdi, Kamal isə yenidən, özü də bu dəfə birdəfəlik evləndi. O vaxtlar məlum oldu ki, Yeseninin kitabı haqqında fikirlərimdə səhv etmişəm.
XX qurultaydan sonra abxaz ziyalılarına böyük ehtiyac duyuldu və birdən məlum oldu ki, abxaz ziyalıları, demək olar, tamamilə Beriya tərəfindən məhv edilmişlər. Milli mədəniyyəti isə qaldırmaq lazım idi. Kamalı təcili surətdə hava limanından götürüb yerli nəşriyyatın redaktoru vəzifəsinə təyin etdilər. Orada o, tez bir zamanda baş redaktor vəzifəsinə qədər yüksəldi. Bunun üçün o, kifayət qədər savadlı idi, zövqü də pis deyildi. Abxaz dilini isə çox yaxşı duyurdu.
Kamalın o zaman tanınmış yazıçılarla toqquşmaları olurdu. Mən ona xəbərdarlıq etmişdim ki, bütün bunlar pis qurtara bilər.
– Gənc yazıçılara kömək eləyirsən, bəsdir, – deyə mən qəzetçilik işində müəyyən təcrübəsi olan adam kimi öz məsləhətimi verirdim. – Qurdlara ilişmə, yeyərlər səni.
O mənə öküz gözləri ilə elə baxırdı ki, sanki mən dəli olmuşdum və ona təklif edirdim ki, təyyarə sükanının arxasına təcrübəsiz adamı əyləşdirsin, yalnız ona görə ki həmin adam rəisdir. Ancaq nahaq, çox nahaq elə baxırdı.
Təxminən bir ildən sonra o, tanınmış yazıçılardan birinin kitabına geniş rəy yazdı və sübut etdi ki, kitab başdan-ayağa cəfəngiyatdır. Yazıçı əvvəlcə bu məqaləyə təəccüblənmədi, elə düşündü ki, məqalə müəllifi güclü düşmən qrupunun əli ilə işləyir. Əyalətlərin ədəbi ictimaiyyətində həmişə bu cür iki düşmən qrupu olur.
Yalnız bir ildən sonra «dahi» yazıçı yəqin elədi ki, Kamal düşmən dəstə ilə heç tanış da deyil və qan vurdu onun beyninə. Özünə gəldikdən sonra o, redaktora qarşı bütün fitnə-fəsadını işə saldı. Fleqmatik təbiətli Kamal iki il ərzində ayı arılardan qorunurmuş kimi fitnəkarları qovmağa çalışdı. Nəhayət, dözmədi və yenidən aerodroma tərəf yön aldı, lakin çəkisi xeyli artdığından və uçuş sürətini itirdiyindən qovşaqçı vəzifəsinə düzəldi.
Kamal indiyə qədər orada işləyir və buna görə də biz əsas söhbətimizə, yəni «Amra» restoranına (yuxarı mərtəbəyə) qayıda bilərik. Xatırladaq ki, bugünkü məclisimiz Emuxvarinin knyaz nəslinin nümayəndəsi kimi avtomobil müfəttişliyi rəisinin marksizmdən sapmış psixikasına müvəffəqiyyətli təzyiqi münasibətilə qurulmuşdu.
Elə təsəvvür yarana bilər ki, qonaqlığı Kamal verirdi. Ancaq bu, tamamilə yanlış təsəvvürdür. Kamal elə bir adamdır ki, ona xeyirxahlıq edən adam üstəlik bir qonaqlıq vermək arzusuna da düşür.
Zənnimcə, əsrimizin bir xəstəliyi var – onu psixiatrlar hələ açmayıblar. Bu xəstəliyi mən indi kəşf etdim və mən də ona «Piza qülləsi xəstəliyi» adı verirəm (xahiş edirəm, sovet elminin bu sahədə birinciliyini qeyd edəsiniz).
Bizim dövrün adamı öz ətrafında daim qeyri-sabitlik hiss edir. Ona elə gəlir ki, bugün-sabah hər şey dağılmalıdır, ancaq nədənsə dağılmır. Beləliklə, ömür sürdüyü həyat ona ikiqat əzab verir: bir tərəfdən dağılmaq təhlükəsi ilə, digər tərəfdən dağılmamağı ilə.
Bu Piza xəstəliyinə tutulmuş adam Kamalla görüşüb tanış olduqdan sonra hiss edir ki, hələ hər şey itirilməyib, bu dünyada möhkəm, sabit, etibarlı hadisələr və adamlar var. Müvəqqəti olaraq «Piza tutması» adamı buraxır, o, Kamalın kölgəsində dincəlir və təbii ki, bu istirahəti bir qədər uzatmağa çalışır.
Beləcə biz «Amra» restoranına gedirdik. Qapının ağzında o vaxtlar hələ tanınmamış fotoqraf Xaçikə rast gəldik. Knyazı görən kimi o, tez-tez müştərilərinin şəklini çəkib uzun ayrılıqdan sonra öz doğma ağasını görmüş nökər sevinci ilə onu qucaqlamağa cumdu. Xaçik boydan balaca idi, elə bil yeniyetməlikdən çıxmamış qocalmışdı, ancaq cəldliyini itirməmişdi.
Söz yox ki, o bizimlə restorana qalxdı və bu andan etibarən heç kimi, o cümlədən Kamalı da (əgər onun ağlına belə bir şey gəlsəydi) əlini cibinə salmağa qoymadı.
Məclis zamanı Xaçik öz keçmiş müdirinin şərəfinə bir neçə bəlağətli sağlıq dedi və ərz etdi ki, qırx il ərzində nə ona qədər, nə də ondan sonra belə müdir görməyib.
Knyaz Emuxvari təkəbbür qarışıq bir iltifatla gülürdü. Boz eynəyi onu öz doğma şəhərinə düşmüş neorealizm dövrünün italyan Hollivud aktyoruna bənzədirdi; bu şəhərdə onu köhnə filmlərinə görə xatırlayır və sevirdilər.
Mən müdir-knyaza olan bu sonsuz məhəbbətin səbəbini aydınlaşdırmağa çalışdım, Xaçik isə zəhmli təəccüblə mənə baxıb əlini knyaza uzadaraq qışqırdı:
– Büllur kimi qəlbi var! Sadədir, sadə!
Düzdür, knyaz eşiyə çıxanda Xaçik, görünür, mənim suallarımdan canını qurtarmaq üçün dedi:
– Beş il ərzində bir dəfə də olsun knyaz fotoqrafdan pul istəməyib. Nə verərdilər götürərdi. Ancaq özü istəməzdi. Başqa direktorlar axşam atelyeyə gələn kimi yapışırlar adamın yaxasından: pul, pul! O isə sadədir! Bir dəfə də istəməyib! Büllur kimi qəlbi var!
Sandro əmi onun sözlərini bu cür şərh etdi:
– Heç nəyə ehtiyacı olmayan adama hər şeyini itirdikdən sonra hələ qırx il elə gəlir ki, onun heç nəyə ehtiyacı yoxdur. Lüt isə varlandıqdan sonra hələ qırx il özünü lüt sanır.
Sandro əmi, əlbəttə, haqlıdır. Sadəlik mənəvi kamilliyi dərk etməyin qanunauyğun nəticəsidir. Bu dərketmənin, doğrudur, həmişə yox, ancaq əksər hallarda zadəgan mənşəli adamlara xas olması heç də təəccüblü deyil. Meşşan heç vaxt sadə olmur. Bu da onun daxilən yarımçıq olmasından irəli gəlir. Ancaq əgər xüsusi istedadı sayəsində bu yarımçıq şüurdan xilas olursa, onda o da Çexov kimi sadə və təbii olur.
Bunlar öz yerində, gəlin məclisimizə qayıdaq. Məclis isə bir şüşə erməni konyakından və türksayağı dəmlənmiş qəhvədən başlandı, sonra hər şey öz təbii axarında davam etdi. Məclis zamanı Xaçik azı on dəfə bizi müxtəlif rakurslarda çəkdi, hər dəfə də çalışırdı ki, knyaz tən ortaya düşsün. Hərdən qəhvə dəmləyən Akop ağa da bizə qoşulurdu. Bu hündürboy qoca vaxtaşırı bizimlə yanaşı oturur və hər dəfə mütləq ermənilər haqda söhbət açırdı. Onun sifəti sanki qəhvə buxarından və vaxtilə qovulduğu Yaxın Şərq ölkələrini gəzib-dolaşmaqdan quruyub qəhvəyi rəng almışdı. Akop ağanın ehtiraslı erməni vətənpərvərliyi təsirli və gülməli idi. Onun fikrincə, ermənilər çox pis xalqdır, çünki erməni üçün heç nə etmək istəmir. Onun ermənilərə olan acı iddiaları, adətən, İkinci Tiqranla başlayıb Tiqran Petrosyanla qurtarırdı. Akop əmin idi ki, Petrosyan şahmat tacını yalnız yelbeyinliyinə görə əldən vermişdi. Elə bir savadı olmayan bu qoca Ermənistanın tarixini öz məhlə qonşusunun tərcümeyi-halı kimi bilirdi.
Budur, o, yenə bizim süfrənin arxasındadır, bir qulağı söhbətdə, fikrini cəmləşdirməyə çalışır ki, imkan düşən kimi öz mövzusunu ortaya atsın.
– Ha, məsəl üçün, götürək «Ararat» futbol komandasını, – deyə o, fasilədən istifadə edib söhbətinə başladı. – İndiki məşqçiynən ermənilər heç vaxt çempion olmayacaqlar. Papazyanı götürüb xavbek qoyub. Ara, harada görünüb Papazyan xavbek olsun? Papazyan forvard anadan olub, forvard da öləcək. O da götürüb xavbek qoyub. Niyə? Ona görə ki cavan Marobyan meydana çıxıb. Yaxşı da, qoy Marobyanı Papazyanın yerinə, daha Papazyanı niyə xavbek qoyursan? Keçir Papazyanı sağ cinaxa, o, sağ ayağınnan da yaxşı vurur, sol ayağınnan da. Sağ cinaxı da keçir xavbek, ya da denən: «Matağ, yeri get evinə, Leninakana». Ondan xeyir yoxdur da, harda durur dursun. Bax bunu nujeli özü qanmır? Mən ona yazdım, ancaq bu çatlax heç mənə qulaq asar? Heç cavab vermədi. Bax ermənilər beləcə bir-birinin ayağından çəkirlər.
O, məşqçinin qarasına söyə-söyə boş qəhvə fincanlarını yığıb məcməyiyə qoydu və piştaxtanın arxasına keçdi.
Süfrə başında knyazın kənddəki qohumları, məşhur Emuxvari qardaşları haqda da söhbət düşdü. Hər şey qan düşmənçiliyindən başladı. İgid cavanlar olan üç nəfər Emuxvari qardaşları yeddi il ərzində – ta öldürülənə qədər bütün Kenquriyə milisini qorxu içində saxlayırlarmış. Bu, 20-ci illərin sonu – 30-cu illərin əvvəllərində olub. Sonralar 37-ci ilin siyasi hadisələri zamanı onlar ölmüş olsalar da, yenidən yada düşdülər və bu hadisələrdə onların adı dəfələrlə ingilis casusu kimi xatırlandı.
– Onların harası ingilis casusu idi? – Sandro əmi dedi:
– Axı bu kənd knyazları heç İngiltərənin harada olduğunu bilmirdilər.
Knyaz razılıq əlaməti olaraq başını tərpətdi. Elə Emuxvari qardaşlarının əhvalatı ilə əlaqədar Sandro əmi öz hekayətini danışdı.
– Bax siz elə fikirləşirsiniz ki, – deyə o, bığını sığallayıb söhbətinə başladı, – mən özümüzküləri müdafiə edib endurları söyürəm. Ancaq bu, düz deyil. Mən Akop ağa kimi özümünkülərə görə əzab çəkirəm. Ona görə də, bax, deyirəm, eşidin: biz abxazların köhnə vaxtlar da xalqa əzab gətirən axmaqlığı çox olub, elə indi də çoxdur, ancaq bu axmaqlıq bir az başqa şəkil alıb.
Qabaqlar əsas axmaqlıq nə idi – qan intiqamı. Bəzi nəsillər buna görə bir-birini tamamilə məhv etdi. Yox, mən qan düşmənçiliyinin əleyhinə deyiləm. Ancaq lazım olan yerdə. Bunun xeyri də var. Niyə? Çünki bir adam o birinə qarşı bir qəsd quranda bilirdi ki, qəsd qurduğu adamla hər şey qurtarmır. Onun qohumları intiqam ala bilərlər. Bu, bir çox pis əməllərin qarşısını alırdı, çünki hamı bilirdi: bir adamla hər şey bitmir.
Ancaq bəzən qan intiqamı elə bir mənasız şeydən başlayırdı ki, adam deməyə də utanır. Çegemdən yuxarıda, bizim evin təxminən üç kilometrliyində Batalba ailəsi yaşayırdı, gözəl ailə idi. Bu hələ mən anadan olmamışdan əlli il qabaq olub. Bu ailə Kutol kəndindən Çiçba nəsli ilə dostluq edirdi. Hər iki ailə bir-birinin xətrini yaxın qohumlar kimi istəyirdi.
Hər il çiçbalılar öz sürülərini alp otlaqlarına aparanda yol üstündə bir neçə günlüyə dostlarının evində dayanır, yeyib-içib şənlənir, sonra yollarına davam edirdilər. Gözəl vaxtlar idi.
Bir dəfə çiçbalılar yenə də öz dostlarının evində ayaq saxladılar, ancaq bu dəfə onlar özləri ilə bir qonaq da götürmüşdülər. Qonaq qızdırma xəstəliyinə tutulmuşdu, ona görə də onu özləri ilə götürmüşdülər ki, alp çəmənliklərində müalicə edib sağaltsınlar. O vaxtlar belə edərlərmiş.
Bəli, onlar batalbalıların evində ayaq saxladılar. Ev sahibi onlara bir cöngə kəsdi və iki gün kef çəkdilər. Yola düşəndə isə ev sahibi onların ulağına iki cöngə budu yüklədi.
Bu, çiçbalıların böyüyünün xoşuna gəlmədi, o, çox sərt kişi imiş; ancaq heç nə demədi, adamları ilə bir yerdə sürüsünü dağlara tərəf çəkdi. Hə, indi deyim ağsaqqalın xoşuna gəlməyən nə idi. Bizim adətlərə görə (o vaxtlar adət-ənənəyə riayət edərdilər, indi yaddan çıxıb), əgər sən hörmətli qonağın üçün heyvan kəsib məclis qurmusansa, onun yoluna həmin heyvanın ətindən qoya bilməzsən. Yol üçün mütləq gərək təzə heyvan kəsəsən. Adət belə idi.
Batalbalılar, əlbəttə, burada səhv buraxıblar. Onlar çiçbalıları özlərinə yaxın sayıb qonaqlarının yoluna ətindən yedikləri cöngənin iki budunu qoydular. Lakin batalbalılar nəzərə almayıblar ki, çiçbalılar tək deyillər, onların yanında qonaq var, özü də, əlbəttə, o görməyə bilməzdi ki, ev sahibinin onların yoluna qoyduğu iki bud, ətindən yedikləri heyvanındır. Buna görə də çiçbalılara, xüsusilə onların böyüyünə elə gəlirdi ki, qonağın yanında biabır olublar.
Bəli, onlar yola düşdülər, yüzlərlə qoyun-keçini dağlara tərəf sürməyə başladılar. Yolda onların böyüyü bir müddət susduqdan sonra, nəhayət, dözməyib dedi:
– Sən demə, bu batalbalılar bizi heç adam yerinə qoymurlar! Süfrənin artığını bizə atdılar, elə bil dilənçipayı verirdilər. Eybi yox, peşman olarlar.
Qonaq onu sakitləşdirmək istədi, ancaq ağsaqqal yaman inciyibmiş. Hər şey də bundan başladı. Batalbalıların isə heç ağlına da gəlmirdi ki, burada bir inciklik ola bilər. O yazıqlar elə bilirdilər qonaqlarını yaxşı qarşılayıb, yaxşı da yola salıblar. Qərəz, onların heç nədən xəbərləri yox idi, çunki o vaxt abxazlar arasında xəbərçilik nə gəzirdi.
Bəli, bir müddət keçir, iki ailənin nümayəndələri yenə də bir məclisdə görüşməli olurlar. Burada da iş elə gətirir ki, Batalba ailəsindən bir cavan bağışlanılmaz səhv buraxır. Oxumağa başlayanda yaxşı səsi olanlar bir yerə yığışırlar. Elə olur ki, cavan batalbalı ilə ağsaqqal çiçbalı yanaşı düşür. Və burada cavan batalbalı oxumağa başlayır. Əlbəttə, bu, böyük səhv idi.
Cavan gərək yaşlı çiçbalıdan soruşaydı:
– Mənim oxumağım sizi narahat etməz ki? Bəlkə, bir az aralı durum?
Bu sözə qarşı ağsaqqal, yəqin ki, deyəcəkdi:
– Eybi yox, oğul, oxu. Təki bizi narahat edən mahnı olsun. Adətən, belə olur. Gənc batalbalı isə icazə-filan istəmədi, çünki o, çiçbalıları özünə doğma sayırdı, özü də bir az içmişdi və ağlına belə gətirmirdi ki, arada inciklik var.
Bəli, hər bir səhvi ayrılıqda yenə bağışlamaq olardı, lakin iki səhv bir yerdə yaşlı çiçbalını lap özündən çıxartdı.
– Sən niyə mənim qulağımın dibində oxuyursan? – deyə o qışqırdı. – Mən görürəm siz batalbalılar bizi heç adam yerinə qoymursunuz!
Bunu deyib o, xəncərini çıxartdı və gənçi yerindəcə öldürdü. Bu yerdə hay-küy qopdu, arvadların səsi aləmi götürdü. Sonra məclisi birtəhər sakitləşdirdilər. Ancaq, əlbəttə, bu sakitlik uzun sürə bilməzdi. İki gündən sonra həmin gəncin atası qocanı öldürdü.
Bəli, artıq bunun qarşısını almaq mümkün deyildi. Məgər bu, axmaqlıq deyil?
Belə hallarda ya iki kəndin hörmətli ağsaqqalları hər iki nəslin ağıllılarını bir yerə yığıb onları barışdırırlar, ya nəsillərdən biri dözməyib doğma kəndini tərk edir və uzaq kəndlərdən birinə köçür. Ya da nəsillər yerli-dibli məhv olana kimi bir-birini qırırlar.
Elə oldu ki, Batalba nəslindən dörd qardaş və bir ana qaldı. Çiçbalıların da nəslindən dörd qardaş və bir ana qaldı. Ancaq çiçbalıların sonbeşiyi hələ balaca idi – cəmi on üç yaşı var idi.
Qalanlar lap uzaq qohumlar idi. Onlar beləcə on il idi yaşayırdılar. Bir-biri ilə işləri yox idi. Bir çoxları fikirləşdilər ki, nəhayət, ağsaqqalların köməyi ilə onlar öz aralarında bir razılığa gələ bilərlər.
Onu da deyim ki, növbəti həmlə Batalba tərəfdən olmalı idi. Həmin yay Batalba qardaşlarından ən igidi və cəsuru Adamır sürünü yaylağa apardı, o biri üç qardaş isə evdə qaldı. Bu, batalbalılar tərəfdən sülhə doğru addım idi. Onlar sanki demək istəyirdilər ki, baxın, biz kişilərimizdən ən güclüsünü alp çəmənliklərinə göndəririk, biz daha qorxmuruq, biz barışıq istəyirik.
Çiçbalılar isə bunu başqa cür başa düşdülər. Onların əsəbləri dözmədi. Onlar bu qərara gəldilər ki, düşməndən həmlə gözləməkdənsə, Adamırın yaylağa getməyindən istifadə edib üç qardaşı öldürsünlər, sonra isə Adamırı öldürüb, nəhayət, rahat yaşasınlar.
Onlar belə də elədilər. Qəflətən batalbalıların evinə hücum edib qardaşları öldürdülər və evdə qalan malı sürüb apardılar. Çiçbalılardan ən cəsuru isə atını dağlara sürdü ki, Adamıra xəbər çatmamış onu orada tapıb öldürsün.
Adamır bu zaman çobanlardan ayrılıb dağkeçisi ovuna çıxıbmış. O, iki gün dağın zirvəsində buzlaqlarda qaldı. Çiçbalı isə bir gün çobanların köçünü pusdu, nəhayət, Adamırın orada olmadığını görüb çobanlara yanaşdı və onun yerini soruşdu.
Çobanlar hiss etdilər ki, vəziyyət xarabdır, ancaq aşağıda, kənddə nə baş verdiyini onlar hələ bilmirdilər. Hər ehtimala qarşı çiçbalıya dedilər ki, Adamır aşırımdan o tərəfə, dostu çərkəzə qonaq gedib və bir həftədən sonra qayıdacaq. Çiçbalı aşağıya, Abxaziyaya qayıtmalı oldu. O fikirləşdi ki, eybi yox, onlar dörd qardaşdırlar. Adamır isə indi təkdir.
Ertəsi gün günortaya yaxın kənddən çapar gəlib oradakı müsibəti çobanlara xəbər verdi. Çobanlar fikirləşirdilər ki, bunu Adamıra necə xəbər versinlər, elə bu vaxt onun özü təpənin başında göründü və binəyə tərəf gəlməyə başladı.
Dağkeçisi çiynində, özü də üzüaşağı dağkeçisi kimi enir və qışqırırdı ki, niyə qarşılamırsınız? O, uğurlu ova sevinirdi və ağlına belə gəlmirdi ki, onu necə bir bəd xəbər gözləyir. Binəyə çataçatda çobanlar yavaş-yavaş ona tərəf yönəldilər. O hələ də sevinclə qışqırır və başa düşmürdü ki, niyə çobanlar ona tərəf qaçmırlar. Adətən, belə vaxtlarda hamı uğurlu çobana kömək etmək istəyir. Onlar isə heç addımlarını da yeyinlətmirdilər.
Birdən Adamır çobanların arasında çegemlini gördü və hiss etdi ki, onun gəlişi bura kədər gətirib. Onlara bir on addım qalmış Adamır dayanıb Çegemdən gəlmiş çapara baxdı; o nə isə bir dəhşət hiss edib özü də bundan qorxdu. Nəhayət, çiynindən dağkeçisini atıb soruşdu:
– Nə olub evdə?
Çegemli baş vermiş müsibəti ona danışdı, çobanlar da dedilər ki, çiçbalılardan biri bura gəlib onu soruşurmuş.
– Kəndə çatdır ki, – Adamır çapara dedi, – gedirəm qardaşlarımın intiqamını almağa. İki gündən sonra qayıdıb onların yasını tutacam. Əgər qayıtmasam, mənim də yasımı onlara qatarsınız.
O, yerindəcə tüfəngini doldurdu və dağkeçisi cəmdəyinin üstündən adlayıb aşağıya tərəf yönəldi. Üçgünlük yolu bir gecə-gündüzə gedib onun arxasınca gələn çiçbalıya çatdı. Onu öldürüb dağkeçisi kimi çiyninə atdı. Bir on kilometr də gedib bir evə çatdı. Ev sahibini çağırıb dedi ki, qohumları gələnə kimi meyiti murdar olmağa qoymasın. Sonra meyiti darvazanın ağzında yerə qoyub yoluna davam etdi.
Səhərə yaxın o, çiçbalıların evinə çatdı və mal tövləsini yandırdı. Tüstüdən boğulan inəklər böyürməyə başlayanda qardaşlar eşidib evdən çıxdılar. Adamır böyük qardaşları öldürdü, kiçiyinin isə əl-qolunu bağlayıb onun anasına dedi:
– Sənin oğulların mənim qardaşlarımı öldürdülər. Mən sənin kiçik oğlunu öldürməyəcəm, ancaq o, ömrü boyu mənim qulum olacaq. Hökumətə şikayət eləsən, yerindəcə öldürəcəm. Ondan sonra qoy mənə nə istəyirlər etsinlər.
Bəli, o, qardaşlarının intiqamını alıb, yazıq uşağı kəndirə bağlayıb evinə gətirdi və öz qardaşlarının yasını tutdu. Onların qəbri qarşısında and içdi ki, ölənəcən sonuncu çiçbalını qul kimi saxlayacaq. Oğlanın adı Həzrət idi.
Camaat bu hadisəyə heyrət edirdi. Bəziləri Adamırı tərifləyirdi ki, uşağı öldürməyib, bəziləri onun uşağı qul etməyinə hirslənirdi, bəzi adamlar da elə hesab edirdi ki, Adamır bunu qanlı beyinlə eləyib, qəzəbi soyuyandan sonra uşağı buraxacaq.
Ancaq o, Həzrəti buraxmadı, iyirmi ilə yaxın onu əsl qul kimi tövlədə zəncirdə saxladı. Bu bizim Çegem ağsaqqallarının xoşuna gəlmirdi, ancaq onlar Adamıra təsir göstərə bilmirdilər. O, qəzəbindən vəhşiləşmişdi. Əgər o, Çegemin özündə yaşasaydı, bəlkə də, onu qovardılar, ancaq Adamır kənddən kənarda yaşayırdı və heç kimə tabe olmurdu. Amma ona çatdırmışdılar ki, bir də ayağını Çegemə basmasın.
O vaxtlar hökumət belə şeylərə çox da fikir verməzdi. Əgər aran kəndində biri qan intiqamı alırdısa, onu çox vaxt həbs edirdilər. Əgər o, meşəyə çəkilirdisə, onu heç axtarmırdılar da. Ancaq əgər biri polisi, ya mirzəni öldürürdüsə, canini mütləq tapıb cəzalandırmağa çalışırdılar. Həzrətin anası isə qorxurdu ki, şikayət etsə, Adamır onun oğlunu öldürər.
Adamır ömrünün axırına kimi subay qaldı. Bir neçə dəfə elçi getsə də, abxazlar ona qız vermədilər.
– Ona necə qız verəsən, – deyə onlar fikirləşirdilər, – qızının yanına qonaq gedəcəksən, orada isə qula rast gələcəksən. Nəyimə lazımdır belə qohumluq?
Beləliklə, onlar uzun illər bir yerdə yaşadılar, sonra Adamırın anası rəhmətə getdi və onlar ikilikdə qaldılar – Adamır və qulu Həzrət.
İldə bir neçə dəfə Həzrətin yazıq anası oğlunu yoluxmağa gəlirdi, ona xaçapuri, qızartma toyuq, çaxır gətirirdi. Adamır buna icazə verirdi. Bundan başqa, o, arvada icazə verirdi ki, ildə bir dəfə oğlunun saçını, saqqalını qırxsın və ildə üç dəfə onu çimizdirsin. Baxırdın ki, yazıq arvad oğlunun yanına gəlir, iki gün onun yanında oturur, gözünün yaşını tökür, sonra onlar yenə ayrılırlar.
Mən on səkkiz yaşına qədəm qoyanda qərara aldım ki, Həzrəti xilas edim. Ümumiyyətlə, adam cavan olanda qul azad etmək fikrinə düşür. Cavanlığıma baxmayaraq, mən o vaxt çox hiyləgər idim. Ancaq Həzrəti necə xilas etmək olardı? Adamır bir gündən artıq evdən uzaqlaşmazdı. Uzaqlaşsa da, onun itləri heç kimi evə yaxın buraxmırdılar.
Nə isə, mən evdəkilərdən gizlin Adamırla yaxınlaşdım. Əgər atam bilsəydi, məni evdən qovardı. O, Adamırı heç insan yerinə də qoymurdu. Biz abxazlar qulun nə olduğunu bilirik, hərdən türklər hücum çəkir, bizim adamları qul edib aparırdılar, ancaq abxazın abxazı qul kimi saxlamağı məlum deyildi. Bəli, mən yavaş-yavaş Adamırla yaxın oldum, özümü elə göstərdim ki, guya ova meylim var, ancaq Həzrət haqqında heç nə soruşmurdum. Bir ovçu kimi ona çatan olmazdı, qorxu-ürkü nə olduğunu bilmirdi. Biz bir neçə dəfə, birgə ovda olduq, artıq itlər də, o özü də mənə öyrəşmişdi. Çünki nə qədər qəddar adam olsa da, tək darıxırdı.
Bir dəfə ovdan qabaq o mənə dedi:
– Mən itləri yemləyim, sən də mənim quluma yem ver.
– Yaxşı, – deyə biganəliklə cavab verdim, guya Həzrət heç məni maraqlandırmırdı. O mənə bir qazan süd və bir az çörək verdi.
– Bəs qaşıq? – deyə soruşdum. – Lazım deyil?
– Nə qaşıq, əşi, südü təknəsinə tök, çörəyi də üstünə at.
Bəli, nəhayət, mən bu tövləyə girdim. Gördüm küncdə, qarğıdalı şaxının üstündə cır-cındıra bürünmüş saqqallı bir adam oturub, gözləri iki köz parçası kimi parıldayır. Dəhşət idi. Onun yanında uzun təknə vardı. Bu biri tərəfdən təknənin altına daş qoyulmuşdu ki, qula tərəf əyilmiş olsun. Burdan mən başa düşdüm ki, Adamır özü də quluna çox yaxın getmir. Mən eşitmişdim ki, Həzrət bir dəfə Adamıra hücum edib, o isə bıçağı çıxardıb onu vurub. Həzrətin yarası it yarası kimi tez sağalıb, ancaq Adamır bundan sonra onunla ehtiyatla davranmağa başlayıb. O özü bunu camaata danışırmış… Mən südü Həzrətin təknəsinə töküb dedim:
– Al, tut çörəyi.
Mən bunu ona görə dedim ki, çörəyi adamın qabağına, yerə atmaq, əlbəttə, yaxşı deyil, qula yaxınlaşmaqdan isə qorxurdum.
Çörəyi atdım. O – hop! – göydəcə tutdu və mən zəncir səsi eşitdim. Onun ayaqları zəncirlənmişdi.
O, çörəyini yeməyə başladı, hərdən təknəyə tərəf əyilib südü hortultu ilə içirdi. Bu, dəhşətli mənzərə idi və həmin gün mənim Həzrəti xilas etmək fikrim qətiləşdi. Xüsusilə onun südü hortultu ilə içməsi və parıldayan gözləri ilə mənə baxması dəhşətli idi. Mənim butün bunları görməyim onu qətiyyən çəkindirmirdi. Öyrəşmişdi. Adam hər şeyə adət edir.
Bu, bir neçə ay davam etdi. Mən Həzrətin qaçması üçün münasib imkan axtarırdım. Həmişə də ehtiyat edirdim ki, Adamır mənim məqsədimi anlayar, başqa tərəfdən də qorxurdum ki, evdəkilər Adamırla yaxınlığımdan duyuq düşərlər.
Adamır artıq mənə öyrəşmişdi və hər dəfə ovdan qabaq deyirdi:
– Mən itləri yemləyim, sən də mənim quluma yem ver.
Mən də verirdim. O, qula özü yediyindən verirdi. Ancaq elə bil it yedizdirirdi. Südü, qatığı təknəyə tökürdü, əgər heyvan kəsirdisə, ona bir tikə çiy ət atırdı. Həzrətin yanında bir neçə parça mal-qaraya verdiyimiz daş duz var idi.
Eşitdiyimə görə, bəzi savadlı axmaqlar əti çiy yeyirlər. Elə bilirlər xeyirdir. Ancaq adamlar min illər boyu əti bişiriblər, ya da qızardıblar, əgər çiy halda o xeyirli olsaydı, daha neynirdilər qızardıb.
Yaxşı, bəs Həzrət nə ilə məşğul idi?
Onun yalnız iki işi vardı. Biri – əl dəyirmanında qarğıdalı üyütmək idi. Kirkirə həmişə onun yanında olurdu. Ona görə də Həzrətin qüvvətli pəhləvan qolları var idi. Bundan başqa, o, səbət də toxuyurdu. Qamışı ona Adamır gətirirdi. Adamır bu səbətləri Anastasovkada yunanlara satırdı, çünki çegemlilər ondan heç nə almırdılar.
Bir neçə ay ərzində Həzrət də mənə öyrəşmişdi. Düzdür, gözləri əvvəlkitək köz kimi parıldasa da, bilirdim ki, mənə toxunmaz, ona görə də yaxın gəlirdim. Onun ağlı üstündə idi, adam kimi deyib-danışırdı.
Bir dəfə mən onun anasını gördüm və Həzrətə kömək etmək arzum daha da gücləndi. Qarı dəsmalı qarğıdalı şaxının üstünə sərib üstünə toyuq əti, xaçapuri, bir şüşə çaxır və iki stəkan qoydu.
Biz bir yerdə yeyirdik, ancaq, sözün düzü, bu məclis heç ürəyimdən deyildi. Necə ürəyimdən olaydı ki, süfrəmizin yanında onun üçün ayaqyolunu əvəz edən xəndək var idi. Düzdür, Həzrətin balaca bir beli var idi ki, ora torpaq atsın. Ancaq hər halda, belə yerdə çörək adama nuş olmaz. Mən yalnız onun anasının xatirinə çörək kəsdim. Yazıq arvad mənim kürəyimi sığallayır, həzin səslə deyirdi:
– Sən mənim Həzrətimin yanına tez-tez gəl, oğul. Bu da bir bəladır, biz düçar olmuşuq. Bu yazıq da burada darıxır… Sən tez-tez gəl onun yanına.
O bunu deyəndə Adamır tövlənin o biri tərəfində kərəntiyə sap düzəldirdi. Sən demə, o, qarının sözlərini eşidibmiş.
– Mən də qardaşlarım üçün darıxıram, – deyə o bizə tərəf baxmadan kərəntinin sapını yonmağında davam etdi.
– Ah, dünya, – qarı Adamırın sözlərini eşidib dərindən köks ötürdü.
Birdən-birə mənim hamıya yazığım gəldi. Həzrətə də yazığım gəldi, Adamıra da. Hamıdan çox isə qarının halına acıdım. Onun Adamırın paltarını yuyub yamaq vurduğunu görəndə isə lap ürəyim yandı. Arvad hər vasitə ilə Adamırda mərhəmət hissi oyatmağa çalışırdı, ancaq Adamırı razı salmaq mümkün deyildi.
Bir dəfə ov zamanı Adamır mənə dedi:
– Bəziləri elə fikirləşirlər ki, qul saxlamaq mənə xoşdur. Lakin qul saxlamaq asan deyil, elə bir xoşluğu da yoxdur. Hərdən gecə qorxumdan yata bilmirəm ki, o qaçar, hərçənd başa düşürəm ki, qaça bilməz. Zənciri əl dəyirmanına sürtməklə bir gecəyə kəsmək olmaz. Mən yoxlamışam. Kəssə də, hara qaçacaq? Tövlə bağlı olur. Tövlədən də çıxsa, itlər parçalayar. Ancaq əsəblərim dözmür. Şamı götürüb tövlənin qapısını açıram. Görürəm ki, yatıb. Bax neçə dəfə yoxlamışam, bir dəfə də oyanmayıb. Elə möhkəm yatır. Mənim isə gecələr yuxum ərşə çəkilir. İndi özün fikirləş, kim çox əziyyət çəkir – mən, yoxsa o?
– İndi ki belədir, – dedim, – burax onu getsin də.
– Yox, – dedi, – mən qardaşlarımın qəbrinə and içmişəm. O zəncirlər onun ayağından yalnız öləndən sonra açılacaq. Yalnız onun ölümü mənim andıma son qoya bilər.
Bəli, mən imkan axtarırdım ki, Həzrəti azad edim. Onun qaldığı tövlə şabalıd ağacından idi. Qapının ağzında yekə qıfıl var idi, açarı da Adamırın cibində. Ancaq o hərdən bir günlüyə, ya bir gecəliyə çıxıb gedirdi. Mən qərara gəldim lağım atım, yeyə ilə onun zəncirini kəsim, özüm çölə çıxardım ki, itlər dəyməsin. Əgər Adamır qayıdandan sonra çox özündən çıxsa, deyərəm ki, yəqin, yeyəni Həzrətə anası xaçapurinin içində gətirib, lağımı isə o özü balaca beli ilə qazıb. İtlərdən də birtəhər qurtarıb. Mən bilirdim ki, o, Həzrətin anasına toxunmaz.
Qərəz, belə bir qərara gəlmişdim və bir dəfə Adamır özü ovda mənə dedi:
– Qulaq as, Sandro, sabah yanıma gəl, itlərə yem ver. Mən sabah Atara gedəcəyəm, o biri gün səhər qayıdacağam.
– Yaxşı, – dedim.
Bəli, sabahı gün axşamı səbirsizliklə gözləyirdim. Axşam bizimkilər şam edib yatdılar. Mən yavaşca qalxıb çırağı və yeyəni götürdüm. Adamırın evinə tərəf yola düzəldim.
Amma yaman qorxurdum. Adamır canıma vahimə salmışdı. Qorxurdum ki, fikrimi başa düşə və bir yerdə gizlənib məni güdə. Ona görə də qərara aldım ki, lağıma başlamazdan qabaq evi axtarım. Əgər o, evdə olsa və məndən soruşsa niyə bu vaxt gəlmisən, deyəcəydim guya itlərə yem verməyi unutmuşam.
Evə yarım kilometr qalmış itlər adam iyi hiss edib hürüşməyə başladılar, sonra da məni tanıyıb səslərini kəsdilər. Mən Adamırın həyətinə girib ora-bura baxdım, mətbəxə keçdim, ordan da anbara. Nəhayət, otaqları da gəzib əmin oldum ki, Adamır evdə yoxdur. Onda mən mal tövləsinə getdim və gördüm orda üç inək var. Çırağı yuxarı qaldırıb gördüm ki, başqa ins-cins yoxdur. Sonra yenə mətbəxə getdim, ordan itlər üçün çörək götürüb ciblərimə doldurdum, amma hələlik itlərə vermədim. Fikirləşdim ki, çörəyi Həzrətə verərəm. Biz tövlədən çıxanda itlər, çox güman, hücum çəkəcəklər, onda çörək Həzrətə lazım olacaq ki, itləri bir az sakitləşdirsin.
Sonra mən yenə anbara girib divardan üzüm səbətini götürdüm. Əlimdə çıraq və səbət eyvana çıxdım, beli də götürüb Həzrət olan tövləyə yaxınlaşdım.
Səbət nəyə lazım idi, onu da deyim.
Üzüm səbəti dar və uzun olur. Lağımı atandan sonra mən onunla torpağı tövləyə daşıya bilərdim. Çünki əgər torpağı içəri daşımasam, Adamır başa düşərdi ki, çöldən kimsə Həzrətə kömək edib. Bunu başa düşüb o məni öldürə bilərdi.
Çırağı yerə qoyub qazmağa başladım. Lağımı elə atırdım ki, içəridən düz zəncir bağlanan yerdən çıxım. Qaza-qaza təəccüblənirdim ki, bu Həzrət niyə oyanmır. Öz-özümə fikirləşdim, yəqin, doğrudan da, o, bərk yatır. Nəhayət, oyandı.
– Kimsən orda? – deyə səsləndi və mən qarğıdalı şaxının xışıltısını eşitdim.
– Mənəm, Sandroyam, – deyə səs verdim.
– Nə istəyirsən?
– Lağımı qazım, sonra bilərsən.
Bəli, bir saatdan sonra mən lağımı qazıb qurtardım, çırağı yerə qoyub tövləyə çıxdım.
Həzrət əvvəlki yerində oturmuşdu, gözləri bayquş gözləri kimi parıldayırdı.
– Ala yeyəni, – dedim. – Zənciri kəsək, çıx azadlığa.
O, başını buladı:
– Yox, Adamır öz itləri ilə məni onsuz da tapacaq.
– Tapa bilməz. Gecə ikən başqa kəndə gedərsən. Orda izi itirmək asandır.
– Yox, – dedi, – mən yeriməyi yadırğamışam. Uzağa gedə bilmərəm. O, itləri ilə onsuz da məni tutacaq.
– Tuta bilməyəcək, – deyə mən onu inandırmağa çalışdım. – Əgər qorxmursansa, birlikdə Cqerdıya qədər gedərik, orada səni qohumlarımızın evində gizlədərəm. Sonra mən evimə qayıdaram, sən isə hara istəsən gedərsən.
– Yox, mən belə istəmirəm.
– Onda bəs neyləyək? – deyə soruşdum. O, fikrə getdi, gözləri isə dəhşətli parıltı ilə yanırdı.
– Əgər mənə kömək etmək istəyirsənsə, – deyə o, nəhayət, dilləndi, – mənə iki metr zəncir gətir. Mən onu bu zəncirə bağlayacağam. Mənə başqa heç nə lazım deyil.
– Bu sənin nəyinə lazımdır?
– Mən gecələr yavaş-yavaş gəzərəm ki, ayaqlarım bir az öyrəşsin, sonra qaçmağıma kömək edərsən.
– Axı o sənin zəncirini yoxlayır, özü mənə danışıb.
– Yox, – dedi, – birinci on beş il yoxlayırdı. Daha yoxlamır.
Mən onu nə qədər dilə tutmağa çalışdımsa, mümkün olmadı. Onda qərara aldım ki, o deyəni eləyim.
– Balta da gətir həlqəni aralamağa, – deyə o, xahiş etdi.
Bu minvalla mən gecəyarısı evə qaçdım, tövləmizə girib köhnə şeylərin içindən təxminən Həzrətin zənciri boyda bir zəncir tapdım. Yenidən geri qayıdıb mətbəxdən Adamırın baltasını götürdüm və yenə torpağın altı ilə tövləyə girdim. Mən gedib-gələnə qədər o, yeyə ilə zəncirini kəsib iki həlqənin hər iki tərəfindən yer açmışdı. Mən hətta onun bu işi belə tez gördüyünə təəccübləndim. Əl dəyirmanını fırlatmaq onun qollarına fil gücü vermişdi. O mənim gətirdiyim zənciri götürüb iki tərəfdən həlqələrə keçirdi, sonra əl dəyirmanının üstünə qoyub balta ilə onları sıxdı ki, heç nə bilinməsin.
– Daha heç nə lazım deyil, – dedi, – Get! Dizlərim möhkəmlənəndə sənə xəbər verərəm.
– Bəlkə, yeyəni özündə saxlayasan? – deyə təklif etdim.
– Yox, – dedi, – daha heç nə lazım deyil! Vəssalam. Sən get! Ancaq o biri tərəfdən yeri yaxşı-yaxşı tapdala ki, ağa heç nə hiss eləməsin.
Bəli, mən balta ilə çırağı götürüb bayıra çıxdım. Sonra tez-tez torpağı oyuğa töküb yaxşı-yaxşı tapdaladım ki, heç nə hiss olunmasın. İtlər mənim yan-yörəmdə fırlanırdılar, mən də Allaha şükür eləyirdim ki, onlar danışa bilmirlər. Birdən yadıma düşdü ki, cibimdə çörək var. Onu çıxardıb itlərə atdım.
Çırağı yuxarı qaldırıb bir daha qazdığım yerə yaxşı-yaxşı baxdım və əmin oldum ki, qazıldığı bilinmir. Belə yapışmış torpağı təmizləyib yerinə qoydum, baltanı və səbəti də öz yerinə apardım. Hər şey əvvəl necə dururdusa, eləcə də qoydum. Çırağı söndürüb evə qaçdım. Evdə də, Allaha şükür, heç nədən xəbər tutmadılar.
Bəli, bir müddət gəlib keçdi, mən isə hələ Adamırgilə getməyə qorxurdum. On beş-iyirmi gün keçmişdi ki, bir dəfə keçi otarmaqdan qayıdan qardaşım gəlib dedi:
– Bu gün bütün günü Adamırın itləri hürüşüb.
– Əvvəllər də hürüşürdülər, – deyə bizimkilər fikir vermədilər. O, hərdən ova bir itlə çıxır, o birilər darıxır.
Beləliklə, bu hadisə yaddan çıxdı. Bir həftədən sonra haradansa yuxarı tərəfdən qadın naləsi eşitdik. Evdə olanlar bayıra töküldülər, heç kim heç nə başa düşmürdü.
Qadın naləsi bəla üz verdiyini göstərirdi. Bu səs Çegemin yuxarısından keçən yolun üst tərəfindən gəlirdi, orada isə heç kim yaşamır. Atam, mən və iki qardaşım – Kazım və Məhəz tez-tez səs gələn tərəfə qalxmağa başladıq. Bir on beş dəqiqədən sonra Həzrətin anasına rast gəldik. Onun üzü cırıq-cırıq idi, gözləri qan çanağına dönmüşdü. Bizi görüb dayandı, ancaq dili tutulmuşdu, heç nə danışa bilmirdi, yalnız əli ilə Adamırın evi tərəfi göstərirdi.
Biz ora qaçdıq. Mən heç nə başa düşə bilmirdim. Hər ehtimala qarşı Kazıma baxırdım, o özü ilə tüfəng götürmüşdü. Biz həyətə girdik, itlərin nə özləri görünürdü, nə də səsləri gəlirdi.
Tövləyə birinci mən girdim, qapı eləcə örtülmüşdü. Nə görsək yaxşıdır. Adamır arxası üstə yerə sərilib. Onun sifəti ölümqabağı keçirdiyi əzablı ağrılardan vahiməli görkəm almışdı. Boynu, kəsilmiş toyuq boğazı kimi yana əyilmişdi.
Həzrətin meyiti isə qarğıdalı şaxının üstündə idi. Əllərini döşünün üstünə qoymuşdu, üzündən dinclik və arxayınlıq yağırdı, elə bil peyğəmbər sifəti idi. Həzrət o qədər arıqlamışdı ki, zəncir ayağında durmurdu, atam onu asanlıqla dartıb çıxartdı. Mənim yadıma Adamırın sözləri düşdü: “Yalnız ölüm onun ayağından zənciri çıxara bilər, mənim isə qardaşlarıma verdiyim anda son qoyar”.
Belə çıxır ki, o dediyi kimi oldu.
– Yəqin, Adamır ehtiyatsızlıq edib, – deyə atam dilləndi. – Həzrətə yaxın gəlib, o da tullanıb onu boğub. Sonra isə özü acından ölüb, ona yemək verən olmayıb.
Yalnız mən bilirdim bu necə baş verib. Ancaq, əlbət ki, heç kimə bir söz demədim. Yeri gəlmişkən deyim ki, atam, Allah ona rəhmət eləsin, öz malının yiyəsi idi, əsl təsərrüfatçı idi. İndi belələri qalmayıb. İki daşın arasında o öz zəncirini görüb tanıdı. Bir də görürəm zənciri əlinə götürüb baxır, işığa tutur (orada balaca, şüşəsiz baca var idi), ha baxır, bir şey başa düşə bilmir. İstəyir zənciri yuxarı qaldırıb yaxşı-yaxşı baxsın, ancaq zəncir bağlı olduğundan gəlmir. O hirsləndikcə məni də gic gülmək tuturdu, hərçənd tövlədəki mənzərə qətiyyən gülməli deyildi. Sonra o, çiyinlərini dartıb zənciri kənara atdı.
Elə bu vaxt bayırdan güllə səsləri gəldi.
Həyətə çıxıb nə görsək yaxşıdır? Kazım mal tövləsinin yanında durub tüfənglə Adamırın itlərini vurur. Bir-birinin dalınca o, altı iti yerə sərdi. Sən demə, itlər acından qudurub tövlədəki inəyi parçalayıb yeyiblər. Sonra iki inəyi də parçalayıblar, ancaq yeməyə macal tapmayıblar. Bax beləcə, bir vəhşilik başqa vəhşiliyə yol açır, o da bir başqasına.
Həzrətin zavallı anasını oğlunun meyiti ilə birgə öz kəndinə yola saldıq. Bədbəxt Adamırı da qardaşları ilə yanaşı basdırdıq. Bununla da Batalba nəsli kəsildi, bir vaxtlar duz-çörəkli evin çırağı söndü. Sonra isə evi də tövlə ilə birlikdə kimlərsə hissə-hissə daşıyıb apardılar.
O vaxtdan mən Həzrət haqqında çox fikirləşmişəm. Bir sual mənə rahatlıq verməyib: niyə o gecə Həzrət mənimlə getmədi? Nəhayət, mən bu suala cavab tapdım. O qorxurdu ki, əgər getsə, qisasını ala bilməyəcək. Məni aldatdı ki, guya yeriməyi yadırğayıb. O gəzə bilmirdi, ancaq Adamırın həmişə silahlı olduğunu və itlərin onun izinə düşə biləcəyini fikirləşib riskə getmədi. Zənciri uzatmaqla o istəyirdi ki, gözlənilmədən Adamırın üstünə atılsın, onu öz qüvvətli əlləri ilə boğub öldürsün. Onun beyninə bundan başqa heç nə girmirdi.
Nəhayət, mən başa düşdüm ki, qul azadlıq istəmir, onun istədiyi bir şey var: qisas almaq, onu əzən adamı əzib tapdalamaq. Bax belə, mənim əzizlərim, qul yalnız qisas almaq istəyir, bəzi axmaqlar da elə fikirləşirlər ki, o, azadlıq arzusu ilə yaşayır, – Sandro əmi hikmətli hekayətini sona yetirib mənalı-mənalı bığını sığalladı.
Kamal bərkdən güldü, knyaz isə başı ilə mənə tərəf işarə etdi – yəni müdrikliyi Sandro əmidən öyrən.
– Yazıq Emuxvari knyazlarını ingilis casusu hesab etmək isə ən azı axmaqlıqdır, – deyə Sandro əmi sözünə davam etdi. – Onların heç İngiltərə adında ölkədən xəbərləri belə yox idi. Mən isə 30-cu illərdə Pansulayanın ansamblı ilə birlikdə İngiltərədə olmuşam. Bizi orada xeyli gəzdirdilər və deməliyəm ki, İngiltərə heç də pis ölkə deyil. Gözəl otlaqları var, ancaq nədənsə qoyun saxlamırlar. Keçi üçün isə İngiltərə əlverişli deyil. Keçi kolluq sevir, qoyununku isə xalis otlaqlardır. Başa düşmürəm niyə onlar qoyun saxlamırlar.
– Saxlayırlar, – deyə Sandro əmini sakitləşdirdim.
– Hə-ə-ə, – Sandro əmi qane oldu. – Deməli, mənə qulaq asdılar. İyirmi il bundan əqdəm bura bir ingilis yazıçısı gəlmişdi, adı Pristli idi. Eşitmisən onun haqqında?
– Hə, – deyə cavab verdim.
– Oxumusan?
– Hə, – dedim.
– Necədir?
– Belə də, Sandro əmi, – dedim, – elə bir şey deyil.
Sandro əmi güldü, amma gülüşü heç xoşuma gəlmədi.
– Mən çoxdan hiss eləmişəm, – dedi, – bu yazan adamların qəribə xüsusiyyəti var, heç vaxt bir-birinin haqqında yaxşı söz deməzlər. Ancaq mən ansamblda rəqs edəndə həmişə boynuma almışam ki, Pata Pataraya bir nömrəli rəqqasdır, əslində isə mən ondan yaxşı rəqs edirdim… hə, sözümün canı var. Bu Pristliyə o vaxt bizdə çox gözəl bir gecə təşkil etdilər. Ona ən yaxşı sanatorini, ən uzunömürlü sakinimizi, ən varlı kolxozçumuzu göstərdilər. Məlum məsələdir ki, məni də onunla tanış etdilər. Mən məclisdə masabəyilik edirdim. Özüm də onunla yanaşı oturmuşdum, daha doğrusu, bizim aramızda tərcüməçi qız oturmuşdu. Nə isə söhbətimiz tutdu. Onda mən ona dedim ki, İngiltərədə olmuşam, orada yaxşı otlaqlar görmüşəm, ancaq qoyun gözümə dəyməyib və məsləhət gördüm ki, ingilis fermerləri qoyun saxlasınlar.
– Bəs o nə dedi? – mən soruşdum.
– O da dedi ki, yaxşı, mən onlara çatdıraram. Hə, bir də gör nə deyir. Fermerlərə, deyir, mən qoyun məsələsini çatdıraram. İntəhası, bizim parlamentdə onsuz da çoxlu qoyun var. Belə çıxdı ki, öz hökumətini pisləyir. Hə, onda mən başa düşdüm ki, nəyə görə onu bizdə belə yaxşı qarşılayırlar. İndi mən səndən soruşuram: sən başqa bir ölkəyə gedəndə, yuxarını demirəm, bizim obkom haqqında deyə bilərsənmi ki, orda keçilər oturur. Onu da nəzərə al ki, keçi qoyundan ağıllıdır ha.
– Yox, – dedim, – deyə bilmərəm.
– Hə, görürsən?
Knyaz gülümsədi, Kamal isə qəhqəhə ilə güldü. Xaçik sıçrayıb diz çökərək bu mənzərəni fotoaparatla çəkdi.
Biz adama bir qədəh içdik. Akop ağa təzə qəhvə gətirdi. O, fincanları sinidən götürüb onu yuxarı qaldıranda sini, qalxan kimi günəşi əks etdirdi. Akop ağa masa arxasında əyləşib sinini dizi üstünə qoydu. Hərdən o, dırnağı ilə sinini taqqıldadır və onun cingiltisinə qulaq asırdı.
Kamal, adətən, vaxtını başqa eyş-işrət yerlərində keçirirdi, ona görə də Akop ağanı pis tanıyırdı. Mən istəyirdim ki, o, Akop ağanın Tiqranakert haqqında klassik novellasını eşitsin.
– Akop ağa, – dedim, – mən ha fikirləşirəm, görəsən, niyə İkinci Tiqran o boyda Tiqranakert şəhərini tikdikdən sonra onu əldən verib ki, rum barbarları da şəhəri yandırıb qarət ediblər? Yəni doğrudan o öz şəhərini müdafiə edə bilməzdi?
Mən danışdıqca Akop ağa kədərli-kədərli başını bulayır, sanki demək istəyirdi ki, azacıq ağıl olan beyində belə bir sual doğmaya bilməz.
– Of, Tiqranakert, – Akop ağa dərindən ah çəkdi. – Külün göyə sovruldu… Bu, Şarkin ən gözəl şəhəri idi. Orda fantanlar var idi ağac boyda. Ağaclar var idi, hər budağında bir İran quşu otururdu, adı da tovuz quşu. Orda küçələrdə marallar gəzirdi, adam görəndə gözlərini aşağı salırdılar, bax belə, lap erməni qızları kimi. Hara getdi bütün bunlar? Külü göyə sovruldu.
Bəlkə də, Tiqranakert Romadan da, Babildən də gözəl idi, ancaq hardan bilək, o vaxt foto yox idi. Bu bizim eradan əvvəl altmış doqquzuncu ildə olub. Əgər bizim bu Xaçik o vaxt yaşasaydı, yəqin ki, ya işsiz idi, ya da hambal.
Eh, məsələ Xaçikdə deyil e, ara, söhbət İkinci Tiqrandan gedir. Ha, o vaxt ki o romalı g…feran Lukull Tiqranakerti mühasirəyə aldı, Tiqran bütün koşununu yığıb şahardan çıxdı. Ara, Tiqrancan, axı niyə?!
Bu, böyük çarın böyük səhvi idi. Tiqranakertin möhkəm divarları vardı. Tiqranakertin gözəl suyu vardı, elə soyuq su idi, heç kim bir stəkanı birnəfəsə içə bilməzdi. Tiqranakertin zapas arzakı vardı, üç il üç ay bəs idi. Hara getdi? Külü göyə sovruldu.
Tiqrancan, sən bu böyük şahari qoruya bilərdin, ancaq gərək əvvəlcə o g…feran qreklari qovaydın, çünki onlar satqın çıxdılar. Ara, qreklarin nəyinə lazımdı ermanilər. Onlar şeytan kimi gecə qapıları açdılar, rum soldatları da girib hər yeri odladılar, şəhərin külü göyə sovruldu.
Ha, onlar şahari muhasirəyə alanda Tiqran nə edirdi, bilirsən? Adam ayıb çəkir deməyə. O, şahara bir dəstə öz adamını göndərdi. Ancaq ordan nə çıxartdı? Ermani xalkını? Yox! Ermani arvadlarını və uşaqlarını? Ara, Yox e! Öz hərəmini çıxartdı, öz qəhpələrini, çıxartdığı bax bu oldu. Belə şey ayıbdı böyük çar üçün.
Of, Tiqran, sən niyə Tiqranakerti tikdin, əgər tikmişdin, niyə qoyurdun rum g…feranları onu yandıra?! Hər şey külə sovruldu!
Akop ağa bizə Tiqranakertin məhvi tarixini danışan zaman bir müştəri qəhvə istəmək üçün ona yaxınlaşdı, ancaq Xaçik əlinin hərəkəti ilə onu dayandırdı. Müştəri təəccüb içində qulaqlarını şəkləyərək Akop ağanın arxasında donub-qaldı.
Akop ağa söhbətini qurtarıb gözünü uzaqlara zillədi. Yəqin ki, onun gözləri qarşısında ağac kimi böyük fəvvarələri olan, küçələrində qız kimi utancaq marallar gəzişən, Troya atının qarnında gizlənibmiş kimi səsini çıxarmayan yunanlarla dolu Tiqranakert canlanırdı.
– İndi sözünü de! – Xaçik müştəriyə müraciət etdi.
– İki fincan qəhvə olar? – deyə ünvana düz müraciət etdiyinə əmin olmayan müştəri cəsarətsiz soruşdu.
– Olar, – deyə Akop ağa ayağa qalxıb fincanları siniyə yığmağa başladı. – İndi hər şey olar.
Biz bir qədər Akop ağanın qəribəliklərindən danışıb yenidən Sandro əminin Həzrət haqqında hekayətinə qayıtdıq. Həzrətin o vaxt qaçmamasının səbəbinə gələndə Kamal Sandro əmi ilə razılaşmadı.
– Mənə elə gəlir ki, – deyə o, qəhvədən bir qurtum içib qara gözlərini Sandro əmiyə zillədi, – sənin Həzrətin iyirmi il ərzində öz tövləsinə o qədər öyrəşmişdi, açıq havadan qorxurdu, ancaq bu o demək deyil ki, o, Adamırdan intiqam almaq istəmirdi. Ümumiyyətlə, qorxu çox qəribə hisdir, onu izah etmək mümkün deyil. Yadımdadır, 44-cü ildə bizim aerodrom Şərqi Prussiyada yerləşmişdi. Bir dəfə mən dostum Alyoşa Starostinlə qəsəbədən kənara gəzməyə çıxdıq. Biz onunla müharibənin ilk günündən dostluq edirdik. O, əla təyyarəçi, özü də gözəl yoldaş idi. Dostluğumuz da kitabdan başladı. Biz alayda ən çox oxuyan təyyarəçilər idik. Düzdür, içməklə də aramız yaxşı idi, qızlara da biganə deyildik. Ancaq nədənsə məhz kitaba olan məhəbbət bizi yaxınlaşdırdı. Həmin yaz isə biz Yeseninə aludə olmuşduq. İkimizdə də onun şeirləri ilə dolu dəftərçələr var idi.
Hə, əla da hava var idi, biz gəzə-gəzə alman xutorlarının içindən keçirdik. Evlər gözəl, amma ins-cins yox idi, hamı qaçmışdı. Biz xutorlardan birində ikimərtəbəli bir evin yanında ayaq saxladıq: onun yanında qırmızı salxımlı quşarmudu bitirdi.
Hə, elə bil indi də gözlərimin qabağındadır. Alyoşanın rus qəlbi dözmədi, quşarmudunu əyib iki budağını qırdı və ağacı buraxdı. Bir budağı mənə uzatdı. Biz beləcə yanaşı dayanıb hərə öz budağındakı quşarmudundan dərib yeyirdik. Fikirləşirdik ki, buradakı evlərin hamısı ərbab evləridir, bəs görəsən, bunların muzdurları harada yaşayırmış.
Elə bu vaxt evin qapısı açıldı və ordan bir qoca kişi çıxıb bizi çağırdı:
– Russ, gəl, russ, evə!
Bizi xəbərdar etmişdilər ki, partizanlara görə gözdə-qulaqda olaq, ancaq biz alman partizanlarının varlığına inanmırdıq. İnanmırdıq ki, hər bir ağacın nişanlı qız kimi bəzədildiyi bu ölkədə partizan dəstələri fəaliyyət göstərə.
– Getdik?
– Getdik.
Bəli, qoca bizi evə apardı, yuxarı qalxıb bir otağa girdik. Baxıb nə görsək yaxşıdır, otaqda iki qadın əyləşib. Biri lap cavan idi, olardı bir on səkkiz yaşı. Amma o birisi əməlli-başlı yunqfrau[1 - Jungfrau (alm.) – yetişmiş qız] idi, təxminən iyirmi beş yaşında. Mənim gözüm böyüyünə düşdü, çox xoşum gəldi ondan. Ancaq hər ehtimala qarşı Alyoşa ilə bu məsələni aydınlaşdırmaq istədim, nədən ki, mən onu beş barmağım kimi tanıyırdım.
– Hansı xoşuna gəlir, seç.
– Cavanı mənim, – dedi.
– Oldu.
Mən hiss elədim ki, onlar da bizim gəlişimizə sevindilər, o saat canlandılar.
– Kofe, kofe, – yunqfrau dedi.
– Ya, ya, – dedim.
«Ya» almanca «hə» deməkdir.
Bəli, o bizə qəhvə hazırladı. Sözün düzü, qəhvə heç qəhvə dadı vermirdi, elə bil palıd kəpəyindən hazırlanmışdı. Ancaq məgər gözümüzə qəhvə görünürdü? Açıq-aydın hiss olunurdu ki, gənc, qəşəng qızlar hər şeyə hazırdırlar. Elə qocanın özünün də, deyəsən, etirazı yox idi. Onlar bizimkilərdən qorxurdular, iki zabitin dostluğunu qazanmaq təhlükəsizliyi təmin etmək demək idi.
Bəli, bir xeyli oturduq, sonra mən dedim:
– Abend. Konserv. Şnaps. Brod. Şokolad.
– O! – ikisinin də gözləri parıldadı. – Danke, danke[2 - Danke (alm.) – təşəkkür edirik]. Onlar, əlbəttə, aclıq çəkirdilər. Qərəz, biz axşam bir də gəldik, özümüzlə spirt, konserv, kolbasa, çörək, şokolad götürmüşdük. Oturub şam etdik, bir az da vurduq. Məlum oldu ki, qoca Birinci Dünya müharibəsində bizdə əsirlikdə olub, odur ki bir az rusca danışa bilirdi. Ancaq danışmasaydı, ondan yaxşıydı. Elə hey nə isə başa salmaq istəyirdi, lakin dolaşdırırdı, ancaq bizim nəyimizə lazım idi onun söhbətləri. İki sözdən bir antifaşist olduğunu sübut etməyə çalışırdı. O vaxt onlar hamısı birdən-birə antifaşist olmuşdu. Maraqlıdır, biz dörd il kiminlə vuruşmuşduq?!
Ancaq gənc alman qızları – başqa məsələ, onlara bir işarə də bəs idi… Alyoşa ilə mən yaxşıca vurduq, qızlar da bir az içmişdilər. Biz patefon musiqisi altında rəqs eləməyə başladıq, hər bir valın üstündə yazılmışdı: «Nur für döyç» – yəni yalnız almanlar üçün. Mən də hər dəfə valı dəyişdirəndə qəsdən soruşurdum:
– Nur für döyç?
– Nayn, nayn[3 - Nein (alm.) – xeyr]!
Hə, indi ki nayn, onda getdik rəqs etməyə. Nəhayət, qoca məst olub elə çərənləməyə başladı ki, heç qardaşı qızları da onu başa düşmədilər. O, qızların əmisi idi. Bizi isə lap təngə gətirmişdi. Odur ki mənim yunqfraum onu yatmağa aparanda hamımız sevindik.
Biz tək qaldıq. İçirdik, rəqs edirdik, bir sözlə, kef çəkirdik. Mən yüngülcə öz alman qızımı qucaqladım və yenə soruşdum:
– Nur für döyç?
– Şelma, şelma[4 - Schelm (alm.) – hiyləgər, bic], – deyə o güldü. – Rusiş şelma.
– Nayn, – dedim, – kavkaziş şelma.
– O, şönste[5 - Schön (alm.) – qəşəng] Kaukaz.
Alyoşa ilə mən həmin gecə yuxarıdakı iki otaqda qaldıq. Bizim iki ay yarım davam edən məhəbbət romanımız belə başladı. Bu romana yalnız hərbi uçuşlar zamanı fasilə verilirdi. Bir-iki dəfə aerodromun igidləri bizə şərik çıxmaq istədilər, ancaq məsələnin nə yerdə olduğunu başa düşüb geri çəkildilər. Öz uşaqlarımız idi, qanacaqlı idilər.
Bəli, bir dəfə biz qızlarımızın yanına gəldik. Mənimkinin adı Katrin idi, mən ona Katya deyirdim, kiçiyinin adı isə Qreta idi…
Bu yerdə Sandro əmi Kamalın sözünü kəsdi:
– Sən lap ruslaşmısan, – dedi. – Niyə mənim yanımda öz qadınının adını çəkirsən?
– Necə ki? – Kamal soruşdu.
– Sənin heç başın işləmir, – Sandro əmi dedi. – Bilirsən ki, bu ad mənim arvadımın adıdır. İndi ki yanımda danışırsan, gərək o adı dəyişdirəydin.
– Di yaxşı, – Kamal bərkdən güldü. – Mən daha onun adını çəkməyəcəyəm.
– Axmaq, indi ki çəkdin, daha nə etmək olar, dalını danış.
– Hə, belə, – deyə Kamal gülümsər gözləri ilə Sandro əmiyə baxaraq sözünə davam etdi:
– Bir dəfə biz həmişəki kimi qızların yanında gecələdik. Saat üç olardı, mən yuxudan ayıldım. Evdən çıxdım papiros çəkim. Bir də eşitdim ki, evə motosiklet yaxınlaşdı və dayandı. Ayaq səslərindən hiss etdim ki, iki nəfər evə qalxdı.
Ay zəhrimar, deyə fikirləşirəm, yaman yerdə ilişdik. Tapançam yastığın altda, özüm evin arxasında, əynimdə də – tumandı, altköynəyi, ayaqlarımda çəkələk. Bundan axmaq vəziyyət heç ağıla gətirmək olmazdı. Bir tərəfdən də başım hərlənir, axşam, əlbəttə, o ki var spirtdən vurmuşduq. Öz-özümə fikirləşdim ki, gələ ha, bizə partizanlardan, sayıqlıqdan danışanda gülürdük, indi budur, özümüz gülünc vəziyyətdə qalmışıq. Yəni doğrudan bizim fraularımız satqın çıxıblar? Yox, heç cür inana bilmirdim. Mənim öz… nə ad deyirsən de…
– Yaxşı, de gəlsin öz adıynan. Daha gizlətməyin nə mənası var? – Sandro əmi icazə verdi.
– Hə, mənim öz Katyamdan xoşum gəlirdi, hiss edirdim ki, o da mənə vurğundur, bu birilər də ki bir-biri üçün lap dəli-divanə idilər. Deməli, bizi bu antifaşist satıb.
Dostumu elə-belə ata bilməzdim, lüt halda almanların caynağına da keçmək istəmirdim.
Cəhənnəmə, dedim, nə olar-olar! Küçəyə baxdım, heç kim yox idi. Yüyrüklü alman motosikleti yerindəcə dururdu. Qapıya yaxınlaşdım, qarışıq səslər eşitdim, ancaq heç nə başa düşmək olmurdu.
Bircə şeyi başa düşdüm ki, səslər dostum yatan otaqdan gəlir. Qərara aldım ki, nə qədər ki onlar Alekseylə məşğuldurlar, yuxarı qalxım və birtəhər öz otağıma addayım. Təki özümü tapançaya yetirim. Amma onu da başa düşürdüm ki, əgər bizi qızlar satıblarsa, onda işimiz bitib, çünki belə olan halda mənimki, yəqin ki, tapançanı onlara verib. Qərəz, başqa əlac yox idi, yavaşca qapını açıb pilləkənlə cəld yuxarı qalxdım.
Bir də eşidirəm ki, Alekseyin otağından rusca danışıq səsləri gəlir! O dəqiqə ürəyim yerinə gəldi. Pilləkəndəcə dayanıb ləzzətlə rus nitqinə qulaq asmağa başladım; ancaq söhbətin nədən getdiyini başa düşə bilmirdim. Təxminən yarım dəqiqədən sonra özümə gəldim və içəridə gedən söhbətin axarını tutmağa çalışdım. Səslərdən biri çox kəskin idi. Aha, dedim, patruldur. Bizi patrulla qorxutmaq havayı şeydir. İçəri girdim. Gördüm mənim Katyam gecə köynəyində rəngi ağarmış halda otağın ortasında durub yavaşca deyir:
– Rusiş komandiren, rusiş komandiren…
Onda mən qapını açıb dəhlizə çıxdım və bərkdən qışqırdım:
– Nə olub orda, Aleksey?!
– Demə siz burda tək deyilmişsiniz! – səs eşitdim, sonra qapı açıldı, dəhlizdə bir mayor və onun arxasınca bir əsgər göründü.
– Biabırçılıq! – deyə mayor artıq əynini geyinmiş Alekseyə tərəf döndü. – Niyə demədiniz ki, burada tək deyilsiniz.
Yazıq nə isə mızıldandı. Görünür, o özünün ələ keçdiyini görüb məni gizlətmək istəyib.
– Zəhmət çəkin, əyninizi geyinin! – mayor əmr etdi.
Mən o dəqiqə hiss etdim ki, mayor – qərargah tulasıdır. Biz cəbhəçilər ömründə bir dəfə də döyüş görməmiş adamı o saat tanıyırdıq, istəyirsən onu lap göbəyinə kimi orden-medallarla bəzə.
Ancaq mənə təsir edən o oldu ki, mənim Alekseyim – dörd dəfə yaralanmış, iki dəfə yanan təyyarəni yerə endirmiş igid təyyarəçi – bu zibilin qabağında əsim-əsim əsirdi.
Siz məni tanıyırsınız, bilirsiniz ki, məni özümdən çıxarmaq çətin işdir. Ancaq bu yerdə dözmədim.
– Yoldaş mayor, – dəmir səslə dedim, – xahiş edirəm evi tərk edəsiniz.
Gördüm hərif tutuldu, ancaq özünü o yerə qoymadı. Bir gözü ilə Alekseyə baxdı, bilirdi ki, o, baş leytenantdır, ancaq məndən baş aça bilmədi.
– Sizin rütbəniz? – deyə soruşdu.
Mən geriyə dönüb çarpayıya yaxınlaşdım, yastığın altından tapançanı götürüb yenidən qapıya yaxınlaşdım.
– Bu da mənim rütbəm! – dedim.
– Zarafatı boşlayın. İndi qırx birinci il deyil.
– Əlbəttə, – dedim, – sizin kimi qərargahlarda yançağını isidənlərin günahıdır ki, indi qırx birinci il deyil.
– Mən bütün bunlar haqqında sizin hərbi hissəyə xəbər verməli olacam, – deyib mayor pilləkənlə aşağı düşməyə başladı, əsgər də onun dalınca.
– Xəbər verin! – dedim. – Əlinizdən ayrı nə gəlir ki!
Onlar qapıdan çıxdılar. Biz susurduq. Motosikletin tırıltısını eşitdik, sonra səs-səmir kəsildi.
– Sən onunla çox kobud danışdın, – Aleksey dilləndi. – İndi bizə rahatlıq verməyəcəklər.
– Qorxma, – dedim, – bizi komandirlərimiz yaxşı tanıyırlar. Böyük iş olub, alman qızları ilə gecələmişik.
– Axı sən onu tapança ilə hədələdin, – Aleksey dedi. – Təsəvvür edirsən, o bunu necə qələmə verə bilər?
– Biz də deyərik ki, o, yalan deyir, – cavab verdim. – Deyərik ki, o özü qadınlarla qalmaq istəyirdi, hər şey də ona görə başladı. Yoxsa niyə gecə saat üçdə motosikletdə fırlanır.
– Əlbəttə, – Aleksey razılaşdı. – İndi gərək bir-birimizin tərəfini saxlayaq. Ancaq sən gərək onunla kobudluq etməyəydin.
Mən başa düşürdüm ki, Aleksey indi Qretasının qarşısında özünü naqolay hiss edir. Qızlar, əlbəttə, sözləri başa düşmürdülər, ancaq burda başa düşməli bir şey yox idi; Alekseyi geyinməyə məcbur etmiş mayoru mən evdən qovmuşdum.
Mən gərginliyi aradan götürmək üçün hamıya spirt süzdüm və biz yenə də masa arxasında əyləşdik. Bacılar öz aralarında pıçıldaşdılar. Qreta parıldayan gözləri ilə mənə baxırdı, onun qara teli tez-tez alnına düşürdü. Qəşəng qız idi şeytan.
Qərəz, bir az içdikdən sonra hərə öz otağına getdi.
– Mayor gestapo?[6 - Gestapo – Hitler Almaniyasında faşizm düşmənlərinə qarşı ən vəhşi üsullar tətbiq edən gizli siyasi polis] – Katya məndən soruşdu.
– Nayn, nayn, – dedim.
Elə bircə bu çatmırdı. Ancaq gördüm inanmır.
Bir gündən sonra bizdə hərbi uçuş var idi. Mən sağ-salamat uçuşumu başa çatdırdım. Öz ekipajımla birlikdə yeməkxanada çörəyimi yedikdən sonra Alekseyə yaxınlaşdım. O, nədənsə tək oturmuşdu.
– Bir az dincələk, – dedim, – güc toplayaq. Sabah qızların yanına gedək.
O, nədənsə duruxdu.
– Bilirsən, Kamal, – dedi, – bu haqq-hesabı qurtarmaq lazımdır.
– Niyə qurtaraq? – soruşdum.
– Rahat qoymayacaqlar, sonra pis olacaq.
– Nədən qorxursan? – dedim. – Əgər o, xəbər veribsə, onsuz da heç nə dəyişəsi deyil.
– Yox, qurtardı. Mən pas.
– Özün bilən yaxşıdır. Ancaq mən gedəcəm. Yaxşı, bəs Qreta səni soruşsa, nə deyim?
– Nə istəyirsən de. – O, kompotunu araq kimi birnəfəsə içib öz otağına getdi.
Aleksey həmişə komandanlığa həddən artıq ciddi yanaşırdı. Bir də görürdün fərəqət komandası ilə mil dayanıb onların öyüd-nəsihətinə elə qulaq asır ki, elə bil uçuşdan salamat qayıdıb-qayıtmamağı onlardan asılıdır. Mən bu xasiyyətinə görə ona tez-tez sataşırdım.
– Sən vəhşisən, – deyə cavabında gülürdü, – biz ruslar isə rəhbərliyi damarlarımızla hiss edirik.
Bəli, axşam alman qızlarımızın yanına getdim. Yolda gedə-gedə fikirləşirdim ki, onlara nə deyim. Axır qərara gəldim ki, deyim xəstələnib. Bəlkə, sonra ağlı başına gəldi.
Evə girəndə mənimki üstümə atıldı. Qreta isə yerindəcə donub-qaldı. Gözünün üstünə düşən qara teli elə bil bir az da qaraldı.
– Alyoşa?! – deyə o, nəhayət, dilləndi.
– Krank[7 - Krank (alm.) – xəstə], – dedim. – Alyoşa krank. Yəni xəstədir.
– Krank, oder toten?[8 - Krank, oder getötet (alm.) – xəstədir, yoxsa öldürülüb] – deyə o, ciddi soruşdu və düz gözlərimə baxdı. Elə fikirləşirdi ki, onu öldürüblər. Mən isə düzünü deməyə qorxurdum.
– Nayn, nayn, – dedim, – qrip.
– O, – onun rəngi-ruhu özünə gəldi, – das ist nixte.
Bəli, biz həmişəki kimi oturduq, yedik, içdik, rəqs etdik. Katya bir neçə dəfə mənə göz vurdu ki, onun bacısı ilə rəqs edim. Mən də rəqs edirdim, yazıq qız gah gülümsəyirdi, gah da saralıb solurdu. Darıxdığına görə utanırdı. Məlum məsələdir: qız dostuma bir könüldən min könülə aşiq olmuşdu.
Mən Katya ilə tək qaldıqdan sonra o, göy gözləri ilə mənə baxıb soruşdu:
– Mayor?
Belə yerdə necə yalan deyəsən, axı onun gözlərində həqiqətin özü yazılmışdı. Mən çiynimi çəkdim.
– Yazıq Qreta, – o dedi. Yadımdan çıxıb almanca necədir.
– Yer libt, – dedim, – yer libt Qreta[9 - Er liebt Greta (alm.) – o, Qretanı sevir]!
– Ya, ya, – Katya dedi və nə isə əlavə etdi, mən belə başa düşdüm ki, Aleksey sevir, ancaq qorxu daha güclüdür.
– Mayor papir? – soruşdu və əli ilə də göstərdi ki, yəni donos yazıb. Almanlar bir işarədən qanandırlar.
Mən yenə də çiynimi çəkib qapıya tərəf göstərdim:
– Yer ist krank… – yəni xəstədir.
– Bura bax, adam dilində danış! – Sandro əmi onun sözünü kəsdi. – Nə var, qarğa bazarı açmısan burda: “Qar, qar, qar!”
– Belə xatırlamaq daha asandır, – deyə Kamal öz fleqmatik öküz gözləri ilə Sandro əmiyə baxdı.
– Yaxşı, yaxşı, danış. – Sandro əmi bilirdi ki, əgər Kamal söhbətinə ara versə, onu yenidən işə salmaq üçün xeyli yanacaq lazım olacaq.
– Hm-m-m, – Kamal bir az mızıldayıb tez də öz söhbətinə qayıtdı. – Sözün kəsəsi, mən çox ümid edirdim ki, Aleksey fikrini dəyişər. Səhəri gün mən onu görüb tanımadım. Bir gecəyə qaralmışdı.
– Nə olub sənə? – soruşdum.
– Heç, – dedi. – Gecə yata bilməmişəm. Qreta necədir?
– Səni gözləyir. Mən dedim ki, sən xəstəsən.
– İnandı?
– O inandı, ancaq bacısı başa düşür.
– İndi qurtarmaq yaxşıdır. Onsuz da mən evlənə bilməyəcəm, uzatmağın nə mənası var?
– Ay axmaq, – dedim, – kimdir səni evlənməyə məcbur edən? Ancaq nə qədər ki biz burdayıq, nə qədər ki sağıq, niyə də görüşməyək?!
– Sən məni başa düşməzsən. Sənin üçün bu, vaxt keçirməkdir, mən isə birinci dəfədir sevirəm.
Bu yerdə mən lap hirsləndim:
– Əgər qorxmusansa, eləcə də de. Gop eləmə.
Beləcə biz bir-birimizə qarşı bir az soyuduq. Ondan sonra mən bir-iki dəfə də qızların yanında oldum. Hər dəfə də Qretaya yalan satırdım, ancaq hiss edirdim ki, o daha inanmır, əriyib solur. Ona yazığımız gəlirdi, qızın bu halı Katya ilə məni də sıxırdı.
Mənim Alekseyə də yazığım gəlirdi. O vaxtdan məndən qaçırdı. Həmişə qanıqara gəzirdi. Bizi isə heç hara çağırıb-eləmirdilər. Mən fikirləşirdim ki, mayor biz fikirləşdiyimizdən yaxşı adam imiş. İki gündən sonra mən Alekseyə yaxınlaşdım.
– Qulaq as, – dedim, – görürsən, mayor düşündüyümüz qədər pis adam deyilmiş. İndiyə kimi xəbər verməyibsə, deməli, hər şey qurtarıb. Mən görürəm axı, sən özündə deyilsən. Bu cür əhvali-ruhiyyə ilə sən bir gün öz təyyarənlə göydən yerə dəyəcəksən.
– Nə olsun, – dedi, – yəni indiyə kimi itirdiyimiz oğlanlar bizdən əskik idi?
Hə, gördüm bu xına daha o xınadan deyil. Ancaq özümü o yerə qoymadım. Biz cəbhəçilər belə söhbətləri sevmirdik. Əgər təyyarəçi qəmlənib burnunu sallayırsa, deməli, o, bugün-sabahlıqdır.
– Əlbəttə, yox, – dedim. – Ancaq müharibə qurtarır, belə bir vaxtda öz günahı üzündən həlak olmaq axmaqlıq olardı.
O harası isə ağrıyırmış kimi üz-gözünü turşutdu və dedi:
– Sən daha mənim haqqımda yalan danışmaya bilərsən. Bu gün, deyəsən, qəsəbədə onu gördüm, o da məni gördü.
– Bəsdir, – dedim, – gicləmə. Bu axşam gedək onlara. O yazıq əriyib gedir.
– Yox, – dedi, – mən getməyəcəm.
İndi də mənliyi, ay nə bilim daha nəyi ona mane olurdu. Aleksey məğrur oğlan idi, göydə o heç kimə aman vermirdi, ancaq komandanlıq qarşısında qorxu onun təbiətində idi.
Bəli, həmin axşam mən yenə də yeməkdən-içməkdən götürüb qızların yanına getdim. Yuxarı qalxdım, heç fikir də vermədim ki, dəhlizdəki böyük güzgü yerində deyil. Həmişə oturduğumuz otağa girəndə bacıların ikisi də üstümə atıldı. Mənim Katyam elə bil cin atına minmişdi. Qretanın üzü isə sevincdən alışıb-yanırdı. Mən fikirləşdim ki, bəlkə, Alyoşa günorta mənsiz bura gəlib.
– Mayor ist dib! – Katya qışqırırdı, yəni mayor oğrudur, əli ilə də otağı göstərirdi. – Mayor hap-hap.
– Ya, ya, – Qreta sevinclə təsdiq etdi və boş otağı göstərdi.
– Mayor ist dib! Mayor ist nixt gestapo! Zaqe Alyoşa!
Yəni Alyoşaya deyərsən.
– Bu biabırçılıq! – qoca qışqırdı. – Antifaşistin ev hap-hap.
İndi bütün bunlar gülməli səslənir, ancaq o vaxt bu biabırçılıqdan mənim damarlarımda qanım dondu. Əlbəttə, belə şeylər olurdu, biz hamımız bunu bilirdik. Amma bir var, kimisə haradasa qarət edələr, bir də var, qarət olunanı şəxsən tanıyasan, üstəlik, bu adamlar sənin havadarlığına ümid bəsləyən köməksiz qadınlar ola. Mən hələ ömrümdə bu cür xəcalət çəkməmişdim.
Üstəlik, Qreta sevincindən özünə yer tapa bilmirdi, onun nur saçan gözlərinə baxmaq olmurdu. O elə fikirləşmişdi ki, əgər mayor onların evini qarət edibsə, deməli, o, enkevededən deyil və əgər belədirsə, Alyoşa üçün qorxmağa dəyməz. Ona necə başa salasan ki, hər şey olduqca mürəkkəbdir, baxmayaraq ki mayor doğrudan da qərargah tulası idi.
Mən indi başa düşdüm ki, niyə mayor gecə saat üçdə motosikletdə fırlanır: göz qoyurmuş harada nə var. Yalnız buna görə o bizi satmayıb.
Mən Qretaya söz verdim ki, Alyoşaya hər şeyi danışacam, qocaya da yalandan dedim ki, mayordan şikayət edəcəyəm. Axı onları birtəhər sakitləşdirmək lazım idi. Qızlar haradansa ayağı qırıq kətillər tapıb gətirdilər. Biz əyləşib şam etdik və mən qoca ilə möhkəm içdim.
O biri gün mən hər şeyi Alekseyə danışdım. O, deyəsən, bir az canlandı.
– Yaxşı, – dedi, – sabah gedib vidalaşarıq. Deyəsən, bugün-sabah bizim yerimizi dəyişəcəklər.
Ancaq biz qızlarla vidalaşa bilmədik. Bizi elə həmin gecə başqa yerə keçirdilər. Yeni aerodrom həmin yerdən iki yüz kilometr aralı yerləşmişdi.
Alekseyin rəngi-ruhu hələ də öz yerinə gəlməmişdi və mənə həmişə elə gəlirdi ki, o, mütləq həlak olmalıdır. Elə həmin gün o yaralananda, sözün düzü, mən rahat nəfəs aldım. Yara yüngül idi və bir azdan onu Rusiyaya hospitala göndərdilər.
Bu dəfə biz kiçik bir şəhərdə yaşayırdıq. Bir dəfə yoldaşlarla kafeyə getmişdik. Ordan çıxıb girişdə dostumuzu gözləyirdik. Birdən yoldaşlarımdan biri dedi:
– Kamal, o alman qızı gözünü səndən çəkmir.
Baxıb gördüm ki, bizdən bir on beş metr aralıda xoşsifət bir qız dayanıb mənə baxa-baxa gülümsəyir. Mən bir az, əlbəttə, sərməst idim, gic kimi mən də gülümsədim, özüm də ona yaxınlaşıram ki, tanış olum.
Aman Allah, bu ki Katyadır! Necə olub, mən onu tanıya bilməmişəm! O, palto geyinib, başına papaq qoymuşdu, mən onu belə paltarda görməmişdim. Sən demə, məni axtarırmış!
Bəli, mən dostlarımla xudahafizləşib yenidən kafeyə girdim.
– Qreta necədir? – soruşdum.
– O, Qreta trauriq, – deyə ah çəkib başını buladı.
Mən başa saldım ki, Alyoşa yaralanıb, onu arxaya göndəriblər. Biz Katyanın qonaq qaldığı bir qadının evində gecələdik. Gecə o, bir neçə dəfə ağladı, ah-uf elədi, elə hey deyirdi:
– Şikzal…
Yəni tale. Mən hiss edirdim ki, o nə isə demək istəyir, ancaq cürət eləmir. Səhər duranda, nəhayət, dedi ki, hamilədir. Altdan-yuxarı öz ağıllı, diqqətli gözləri ilə baxıb soruşdu:
– Kinder?
Mən ona nə cavab verə bilərdim?! Necə başa salaydım ki, bu onun üçün mayoru qovmaq deyil, burda məsələ başqa cürdür, daha mürəkkəbdir.
– Nayn, – dedim və o, başını aşağı saldı.
Elə həmin gün biz ayrıldıq və mən onu bir daha görmədim. Alekseylə isə biz otuz ildən sonra bizim alayın veteranlarının görüşündə rastlaşdıq.
Ölkənin hər tərəfindən gəlmiş veteranlar bir mehmanxanada yerləşmişdilər. Həmin axşam mehmanxananın restoranında indi general rütbəsi almış keçmiş alay komandirimiz başda olmaqla veteranların ziyafəti olmalı idi. Bütün bu müddət ərzində mənim Alekseydən xəbərim olmamışdı, heç bilmirdim sağdır, yoxsa yox.
Nömrəmi alıb aşağı, inzibatçının yanına düşdüm. Soruşdum ki, Aleksey Starostin adında adam gəlib, ya yox. O öz kitabına baxıb başını tərpətdi: bəli, gəlib, filan nömrədə yaşayır.
Ziyafətə iki saat qalmış onun otağına qalxdım. Aman Allah, vaxt bizi nə günə salırmış! Məgər mən özüm kimi saçı tökülmüş bu keçələ başqa yerdə rast gəlsəydim, onda uzaq qırx dördüncü ildə qırmızı salxımlı Prussiya quşarmudunun budağını qıran o cavan, gözəl-göyçək təyyarəçidən bir nişanə tapa bilərdimmi? O isə mənə baxır, əlbəttə, tanıya bilmirdi, yəqin, fikirləşirdi ki, bu keçəl gonbul, görəsən, məndən nə istəyir! Yalnız mən güləndə tanıdı.
– A-a-a, Kamal! – dedi. – Qaflan dişlərdən başqa heç nə qalmayıb.
Bəli, biz qucaqlaşdıq, öpüşdük və mən onu öz otağıma apardım. Mən özümlə yaxşı «İzabella» götürmüşdüm. Oturduq, içdik, köhnə günləri yada saldıq. Əlbəttə, fraularımız da yada düşdü.
– Ah, Qreta! – o dərindən ah çəkdi. – Sən təsəvvür eləmirsən, o mənim üçün nə demək idi! Sən təsəvvür eləmirsən, Kamal! Sonra mən ordudan tərxis edildim, evləndim, sərnişin təyyarəsində uçdum; sənin kimi, mənim də iki uşağım var. İndi dispetçer xidmətinin rəisi işləyirəm, raykomda da, yoldaşlar arasında da hörmətim var. Ancaq dərindən fikirləşəndə təəccüblənirəm. Yadındadır, Yeseninin sözləri: “Həyatım mənim, yoxsa sən yuxu idin?” Hərdən mənə elə gəlir ki, mənim həyatım iyirmi dörd yaşında Şərqi Prussiyada qurtarıb. Bütün qalan həyatım isə qəribə, uzun-uzadı epiloqa oxşayır! Başa düşürsən, Kamal!
Bu yerdə təsəvvür edin ki, Alekseyin gözü yaşardı. Mən onu, əlbəttə, sakitləşdirdim və o, birdən-birə ziyafətə tələsdi.
– Qurtar görək, Alyoşa, – dedim. – Heç olmasa, bir saat təklikdə oturaq. Bizim yerimizi heç kim tutmaz. Onsuz da ziyafət bütün gecəni davam edəcək.
– Yox, Kamal, gedək. Səkkiz tamamda general təntənəli surətdə görüşü açacaq. Yaxşı deyil, gedək.
Nə deyəsən belə adama? Getdik. Onun təbiəti belə idi, ancaq göydə heç nədən qorxmurdu, əla təyyarəçi idi.
Kamal söhbətini qurtarıb bir-bir məclisdəkiləri nəzərdən keçirdi.
– Allaha şükür, qurtardı, – Sandro əmi dedi. – Bir az da keçsəydi, biz hamımız almanca danışmağa başlayacaqdıq.
Hamı güldü, knyaz isə qədəhlərə konyak süzüb dedi:
– Öz işində də səni o qədər ötməyib.
– Hə, – Kamal dedi, – dispetçer xidmətinin rəisi – elə bir vəzifə deyil.
– Nə qədər ki sizi başqa yerə keçirməmişdilər, o, həmin qızı atmamalıydı, – Sandro əmi dedi və bir qədər də fikirləşib əlavə etdi: – Səncə, niyə o, axırıncı gün qızlarla vidalaşmağa razılıq verdi?
– Aydın məsələdir, – Kamal cavab verdi, – başa düşdü ki, mayor bizi satmayıb, deməli, bizi heç kim izləmirdi.
– Dəli, belə çıxır ki, sənin hekayəni mən sənə başa salmalıyam. O öz qızı ilə vidalaşmağa razılıq verəndə artıq bilirdi ki, həmin gecə sizi başqa yerə köçürəcəklər.
– Yox, – Kamal güldü, – belə şeyləri son dərəcə məxfi saxlayırlar.
– Necə yəni yox, sənə deyirəm hə! – Sandro əmi etiraz etdi. – Mən yaxşı bilirəm, yoxsa sən?! O, komandanlığın ətrafında fırlanıb, kimsə ona xəlvətcə xəbər verib.
– İşiniz olmasın kişiynən! – deyə knyaz qədəhini qaldırdı. – O yazığı tale onsuz da cəzalandırıb. Yaxşısı budur, gəlin bu qədəhləri də bizi yaxşı cəbhə hekayətinə qonaq etdiyinə görə Kamalın sağlığına içək.
– Hərə bir şeyə qonaq edir, Kamal da hekayətə, – Sandro əmi knyazın sözlərini dəqiqləşdirib istehza ilə Kamala baxdı. – Əmisinin çörəyini əlindən alır. Ancaq «qar, qar!» bizə daha lazım deyil.
– Mənim isə o adama yazığım gəlir, – balaca Xaçik dilləndi, – yazıq sevirmiş… Ona görə də ağlayırmış… Sevməsəydi, ağlamazdı da…
– Yox, əşi, – Kamal razılaşmadı və birdən sözünü kəsib barmağını qulağına soxaraq böyük bir ləzzətlə onu təmizləməyə başladı. İndi Kamalın hərəkəti nehrədə yağ çalxalayan adamın, ya da əlüzyuyan tasın zibilini itələyib təmizləməyə çalışan santexnikin hərəkətini xatırladırdı.
Kamalın bu hərəkəti çox uzun çəkdi. O, qulağını təmizləyərkən aldığı həzdən üz-gözünü turşudur, yanındakıları tamam unudurdu, bu da, nədənsə, onların xətrinə dəyirdi. Sandro əmi məzəmmətlə ona baxırdı. Öz abxaz şüuru ilə tamamilə dərk etməsə də, o bu hərəkətlərdə freydizm ədəbsizliyinin adamı əsəbiləşdirən çalarlarını görürdü.
– Nə yox e?!.. – nəhayət, Sandro əmi dözmədi.
Kamal sakitcə barmağını qulağından çıxardıb onun ucuna baxdı: sanki çaldığı yağın keyfiyyətini yoxlamaq istəyirdi. Görünür, o bu keyfiyyətdən razı qalmadı, çünki onun sifətində iyrəncəli anlaşılmazlıq ifadəsi yarandı; elə bil ki çalxalanma prosesindən aldığı ləzzətlə onun acı nəticəsi arasındakı fərq onu məyus etmişdi. Həmin ifadə ilə Kamal o biri əli ilə cibindən dəsmalını çıxarıb barmağını sildi və yenidən onu cibinə dürtdü. Nəhayət, heç nə olmayıbmış kimi sözünü qurtardı.
– … Sadəcə olaraq «İzabella» onu bir az məst eləmişdi, o, həddən artıq şəraba aludə olmuşdu.
Qadınlarla maraqlanan hər bir kişi kimi Kamal da hadisənin romantik tərəfinə əhəmiyyət vermirdi.
– Akop ağa, – Xaçik qışqırdı, – hərəyə bir dənə də kope, zaxmat olmasa.
– Bu saat, – Akop ağa səs verdi və üstünə türksayağı qəhvə dəmləmək üçün isti qumla dolu tava qoyduğu piştaxtanın arxasından boylandı.
– Bağışla, sən Allah, – Xaçik mənə müraciət etdi, – sən burada hamıdan cavansan. Orada qarpız gətiriblər. İki dənəsini gətir. İstəyirəm bir foto eləyim: «Knyaz, əlində də qarpız».
– Yaxşı görək, – knyaz etiraz etdi, – qarpızsız da keçinərik.
– Gətir, gətir, – Kamal Xaçikin tərəfini saxladı, – yaxşı fikirdir – knyazın əlində qarpız, biz də knyazın yanında.
Restoran göyərtəsinin o biri başında qarpız satırdılar. Nədənsə hələ uşaqlıqdan həmişə qarpız deyəndə mənim yadıma dəniz düşüb. Bilmirəm, bəlkə, onun dalğavarı zolaqları dənizi xatırladır? Ya da ola bilər ki, bu, dəniz mövsümü ilə qarpız mövsümünün eyni vaxta düşməsindəndir: çox vaxt qarpız yemək mərasimi dəniz sahilində baş verir. Ola da bilər ki, dənizdə də, qarpızda da suyun çox olmağındandır.
Suya tullanmaq üçün qoyulmuş üç qüllənin altında gündən qaralmış uşaqların çığırtısından qulaq tutulurdu. Suya tullananlar ordan nə isə qışqırırdılar, qüllədə duranlar da oradan sudakılara qışqırırdılar.
Bəziləri dayanmadan gözəl sıçrayışla tullanırdılar, o biriləri isə uzun-uzadı yan-yörələrinə baxırdılar və bu cəsarətsizliyi onunla izah edirdilər ki, onları gözlənilmədən suya itələyə bilərlər.
Və arasıkəsilmədən qüllədən suya gündən qaralmış uşaq bədənləri uçurdu – gah başı üstə, gah ayağı üstə, gah da qaranquş sıçrayışı ilə. Onlar suya düzgün girəndə suyun səsi qısa olurdu – «buk», bir balaca bədənlərini əyib maili girəndə isə uzun şappıltı səsi gəlirdi. Beləcə dayanıb onlara baxır, suyun səsinə qulaq asırdım: «buk, buk!» «şap, şap!» «şapşarap! buk!»
Müharibədən əvvəl uşaq vaxtı mən də bura gələrdim. O vaxt burada tamam başqa qüllə var idi. Onun lap yuxarısında bilyard otağı vardı və uşaqlardan ən cəsarətliləri onun damına dırmaşıb oradan suya tullanardılar.
O keçmiş illərə nəzər salaraq mən həmin uşaqları görürdüm, ancaq onların arasında özümu tapa bilmirdim. Çox təəssüf, ancaq görə bilmirdim ki, bilmirdim.
Buraya, bizim «Dinamka» adlandırdığımız su hovuzunun ərazisinə üzgüçülük və suya tullanmaqla məşğul olanlardan başqa heç kimi buraxmırdılar.
Ancaq buraya gələn uşaqlardan çoxusu heç bir bölməyə üzv deyildilər, onlar hasardan keçib dəmir nərdivanla birbaşa qülləyə dırmaşırdılar. Mən də o yolla keçirdim. Ancaq bu çox yorucu iş idi: sahildən paslanmış dəmir hasarın üstü ilə səksən metr sürünməli olurduq. Buna görə də mən hərdən su stansiyasına girişin qabağında dayanıb gözləyirdim. Burada o zamanlar mənə yaşlı görünən kök bir qadın gözətçilik edirdi.
Məsələ burasındadır ki, hər gün buranın bilyard otağına bizim həyətdən bir oğlan gəlirdi. Onun iyirmi yaşı olardı, adı Vaxtanq idi. Ancaq uşaqdan tutmuş böyüyə kimi hamı onu nəvazişlə Vaxtik çağırırdı.
Hər dəfə oyunu qurtardıqdan sonra o, su stansiyasını işgüzar və xoş əhvali-ruhiyyəli bir yerişlə tərk edirdi, sanki demək istəyirdi ki, bax mən indicə vacib və xoş bir işi başa çatdırdım, elə bu saat da başqa bir vacib və xoş işə girişəcəm. Belə vaxtda mən elə yer seçirdim ki, o məni görə bilsin və o da hər dəfə məni görürdü. Görən kimi də təbəssümlə girişi gözləyən qadına nə isə deyirdi, o da bu təbəssümdən əriyib muma dönür və məni buraxırdı.
Hərdən mən onu beləcə gözləyəndə bir də görürdün ki, haradansa arxadan gəldi. Belə hallarda o, xeyirxah əlini başıma qoyub sığallayır, ya da onu qarpız kimi sıxırdı, mən isə buna dözüb gülümsəyirdim, guya ağrı hiss eləmirəm. Biz dayanmadan gözətçi qadının yanından keçirdik, qadın isə Vaxtanqın təbəssümünü görüb indi məni tanımağı lazım bilirdi.
Vaxtanq olmayanda isə o məni tanımaq istəmirdi və bu məni həmişə təəccübləndirirdi. Mən heç vaxt özümü gözə soxmurdum, ancaq onun yanında dayanırdım və o istəsəydi, yadına salardı ki, mən həmin oğlanam və içəri keçməyə icazə verərdi. Yaxşı, tutaq ki, içəri buraxmaq istəmirdi, heç olmasa, tanıyaydı. Yox, heç vaxt tanımırdı. Yalnız Vaxtanq gəlib çıxanda, əlini mənim başıma qoyanda qadının birdən-birə elə bil yaddaş işığı yanırdı və o məni tanımalı olurdu.
Nədənsə Vaxtanq mənim yaddaşımda yay mövsümü ilə bağlı qalıb, hərçənd mən onu, əlbəttə, ilin bütün fəsillərində görürdüm. Budur, o, göy ipək köynəkdə, ağ şalvarda və ağ parusin ayaqqabılarda bayram əhvali-ruhiyyəsi ilə körpünün taxta döşənəyi ilə gedir və yüngül meh gah onun şalvar üstündən buraxdığı köynəyi yelləyir, gah da onu möhkəm, qamətli bədəninə yapışdırırdı.
Yaxşı yadımdadır onun iradəli sifəti və bu sifəti iradəli edən çənəsi, lakin mən hələ o vaxt başa düşürdüm ki, iradədən xəbər verən bu çənə, əslində, iradənin özünə bir kinayədir, çünki onda nəyə isə nail olmaq həvəsi deyil, artıq əldə edilmiş və ya beş dəqiqədən sonra əldə ediləcək xoşbəxtliyin ifadəsi var idi: çıxışda onu həmişə qız, çox vaxt isə qızlar gözləyirdilər.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/fazil-iskander/hekay-l-r-68289373/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Jungfrau (alm.) – yetişmiş qız

2
Danke (alm.) – təşəkkür edirik

3
Nein (alm.) – xeyr

4
Schelm (alm.) – hiyləgər, bic

5
Schön (alm.) – qəşəng

6
Gestapo – Hitler Almaniyasında faşizm düşmənlərinə qarşı ən vəhşi üsullar tətbiq edən gizli siyasi polis

7
Krank (alm.) – xəstə

8
Krank, oder getötet (alm.) – xəstədir, yoxsa öldürülüb

9
Er liebt Greta (alm.) – o, Qretanı sevir
Hekayələr Фазиль Искандер

Фазиль Искандер

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Фазиль Искандер на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв