Hekayələr

Hekayələr
Rey Bredberi
Hekayə ustaları
Rey Duqlas Bredberinin bu kitabdakı hekayələrinin əsas mövzusunu bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, insan zəkasının qavraya bilmədiyi mistika və Yer kürəsindən kənar sivilizasiyadakı həyat təşkil edir

Rey Bredberi
Hekayələr

ƏBƏDİ YAZ GÜNLƏRİNDƏ
Uzun illər öncə, həmin həftə sanki atamla anamın mənə zəhər verdiyini düşündüm. Hətta iyirmi il sonra belə onun mənə verilib-verilməməsinə hələ də şübhəylə yanaşıram.
O illərə baş vurmağımın səbəbkarı çardaqdakı köhnə çamadan idi. Bu səhər bürünc bəndləri dartıb açdım, qapağı qaldırdım və o uzaq dönəmlərin naftalin iyini ciyərlərimə çəkdim; bu qoxu torsuz tennis raketkasını və nimdaş çəkmələrini, sınıq-salxaq oyuncaqları, pas atmış konkiləri çənginə almışdı. Gözlər artıq qocalsa da, indinin özündə belə bu oyun silahlarını görəndə sənə elə gəlir ki, sanki bir saat əvvəl qan-tər içində kölgəli küçədən içəri girmisən və “Olli, Olli, üç öküz” saymacası hələ də dodaqlarında oynaşır.
O zaman qəribə və məzəli oğlan idim, beynimdə də əcaib fikirlər dolaşırdı; onları yaradan yalnız zəhərlənmək qorxum deyildi. Parlaq nikel qapaqlı, xətli qeyd dəftərində nələrsə yazmağa başlayanda on ikicə yaşım vardı. O əbədi yaz günlərində işlətdiyim karandaş qırığı sanki indi də barmaqlarımın arasındadır.
Budur, yazmağa ara vermişəm və dalğın-dalğın karandaşı yalayıram. Sonu görünməyən aydın günün sübh çağında, yuxarıda, öz otağımda ayaqyalın, qısa kəsilmiş cod saçlarımla oturmuşam, baxışlarımı güllü divar kağızına zilləmişəm və düşünürəm.
“Xəstə olduğumu yalnız bu həftə anladım, – qeyd elədim. – Artıq çoxdan xəstəyəm. On yaşından. İndi on iki yaşım var”.
Üz-gözümü əydim, dodaqlarımı dişlədim, dumanlı baxışlarla qarşımdakı qeyd dəftərimə nəzər atdım.
“Məni valideynlərim xəstə ediblər və, – bir anlıq duruxsam da, sonra yazmağa davam elədim, – məktəb müəllimlərim. Bircə uşaqlardan qorxmuram. Nə İzabeldən, nə Skeltondan, nə Villard Bouersdən, nə də Klarissa Mellindən çəkinirəm – onlar elə həmişəki kimidirlər. Mənimsə işlərim lap fırıqdı”.
Karandaşı masanın üzərinə qoydum. Vanna otağına gedib güzgüdə özümə baxdım. Anam aşağıdan səhər yeməyinə hayladı. Üzümü güzgüyə dayayıb tez-tez nəfəs almağa başladım və onun üzərində iri, nəm ləkə əmələ gəldi, elə bil güzgüyə duman çökdü. Sonra mən üzümün dəyişdiyini gördüm.
Sümüklərim dəyişirdi. Gözlərim. Burnumun üzərindəki məsamələr. Qulaqlarım. Alnım. Saçlarım… Onlar həmişə mənimkiydi, indi isə başqa cür görünürdü.
– Duqlas, səhər yeməyinə düş, məktəbə gecikirsən!
Tələm-tələsik üzümü yuya-yuya aşağıda, suda bədənimin necə üzdüyünü gördüm. Sanki onun əsarətinə düşmüşdüm. Qaçmaq qeyri-mümkün idi. Sümüklərim orda hərəkət edir, yerdəyişməyə məruz qalırdı!
Atam qapını döyüb məni sakitləşməyə və aşağı yemək yeməyə çağıranadək bu fikirləri başımdan atmaq ümidiylə oxumağa və ucadan fit çalmağa başladım.
Masa arxasına keçdim. Sıyıqlı sarı kasa, içində ağ və soyuq süd olan südqabı, hisəverilmiş donuz ətiylə qayğanaq artıq süfrədəydi; atam qəzet oxuyurdu, anam mətbəxdə vurnuxurdu.
Köks ötürüb narazı baxışlarımı süfrəyə zillədim.
– Nə olub, oğlum? – atam mənə baxdı. – Heç yemək istəmirsən?
– Elədir.
– Oğlanlar səhər yemək istəməlidirlər, – atam söylədi.
– Tez ol, ye, – anam çımxırdı. – Elə bu dəqiqə. Özün də tələs.
Yumurtalara baxdım – zəhər. Yağa baxdım – zəhər. Elə üzündə qaymaq olan ağappaq süd də, yaşıl rəngli, güllü boşqabdakı qəhvəyi, dadlı sıyıq da mənə zəhərli görünürdü.
Hamısı zəhərdir, hamısı! Bu fikir beynimdə bir sürü qarışqa təki qaynaşırdı. Dodaqlarımı dişlədim.
– Nə? – atam gözlərini döyə-döyə soruşdu. – Sən nəsə dedin?
– Heç nə, – cavab verdim. – Sadəcə, yemək istəmirəm.
Axı xəstələndiyimi və bunun günahkarı yemək olduğunu deyə bilməzdim. Deyə bilməzdim ki, günahkar peçenye, tortlar, sıyıqlar, şorbalar və tərəvəzlərdir. Beləcə, ağzı qıfıllı süfrə arxasında oturmuşdum, ürəyimin döyüntüləri isə durmadan artırdı.
– Yaxşı, heç olmasa, süd iç, sonra get, – anam söylədi. – Atası, məktəbdə yaxşıca nahar eləməsi üçün ona pul ver. Portağal şirəsi, ət və süd üçün. Konfeti ağlının ucundan belə keçirmə.
Anamın konfetlərə qadağa qoymasına lüzum yox idi. Axı o, ən dəhşətli zəhər idi. Həyatım boyu bir də onları dilimə vuran deyiləm!
Kitabları kəmərlə bağlayıb qapıya yaxınlaşdım.
– Duqlas, məni öpmədin, – anam səslədi.
– Oy, – səs verdim və ayaqlarımı sürüyə-sürüyə ona yaxınlaşıb öpdüm.
– Sənə nə olub? – anam soruşdu.
– Heç, – cavab verdim. – Sağ ol. Ata, görüşənədək.
Atam da, anam da cavab verdi. Məktəbə doğru addımladım, beynimdəki hər fikir dərin və soyuq quyuya ünvanlanmış qışqırıq idi.
Yarğana tərəf qaçıb ağacdan sallanan qalın, yabanı üzüm gövdəsindən yapışdım və ayaqlarımı yerdən qopararaq yellənməyə başladım. Torpaq ayaqlarımın altından qaçdı, səhərin sərin, şirin və başgicəlləndirən havasını ciyərlərimə çəkərək sevincək çığırdım, külək fikirlərimi ağuşuna alıb apardı. Yamaca yıxıldım, tarazlığımı saxlaya bilməyib çaya, yarğanın dibinə yuvarlandım. Quşlar cəh-cəh vururdu, qonşu ağacın budaqlarındasa dələ hoppanırdı – sanki yel qəhvəyi pərqu yumağını fırladırdı. Aşağıdakı cığırda qaçışan oğlan uşaqları bağırışırdılar: “U-uu, e-ee!” Onlar sinələrini yumruqlayır, daşları çaya elə tolazlayırdılar ki, onlar suyun üzü ilə hoppanaraq uçsun. Bununla da sakitləşməyib xərçənglərə əl atırdılar. Əllərindən sivişib çıxan xərçənglər arxalarında bulanıq iz qoyurdular. Mən də, başqa oğlanlar da zarafat edir, qəhqəhə çəkirdik.
Yaşıl rəngə boyanmış taxta körpüylə bir qız gedirdi. Onun adı Klarissa Mellin idi. Biz daha bərk qəhqəhə çəkdik; qışqırdıq: “Get, cəhənnəm ol burdan!” Amma qəfildən sanki boğazımda nəsə ilişib qaldı, səsim batdı və mən qızın tələsmədən uzaqlaşdığını izlədim. Qız yoxa çıxanacan nəzərlərimi ondan çəkmədim.
Uzaqdan məktəb zənginin səsi eşidildi. Ot əməlli-başlı tapdanmışdı; biz hər ilan yuvasını və hər təpəni, hər ağacı və hər yabanı üzüm tənəyini – az qala hər alaq otunu tanıyırdıq! Məktəbdən sonra çayın yuxarısında bitən ağacların başında küləşdən çadır qurur, lümlüt suya hoppanır, yarğanın dibiylə uzun yolçuluğa çıxırdıq. Bu yolçuluq ta ki tənhalığına və qəmginliyinə qapılan çayın Miçiqan gölünün nəhəng dərinliyinə axıb tökülənədək, dabbaqxana, zavod və gəmi təmir olunan yerədək gedib çatırdı.
Nəfəsimiz kəsilə-kəsilə məktəbə gəlib çıxdıq və birdən dəhşət məni yenidən öz çənginə aldı, dayandım.
– Siz gedin, mən arxanızca gələrəm, – uşaqlara söylədim.
İkinci zəng vuruldu. Uşaqlar sinfə qaçdılar. Sarmaşıqdan don geyinmiş məktəbimizə tamaşa elədim. Səslərə qulaq kəsildim: bu, adi uğultuydu. Müəllimlərin əlində cingildəyən, sakitliyə çağıran zınqırovları dinlədim; sonra pəncərələrdən müəllimlərin sərt səsi eşidildi, elə bil bu səs indicə məni qamarlayıb sinfə atacaqdı.
Zəhər, yenidən fikirləşdim. Özü də bu zəhəri uşaqlara təkcə valideynlər deyil, müəllimlər də verirlər! Onlar da mənim naxoş olmağımı istəyirlər! Xəstə olmağın yollarını öyrədirlər! Və… və… buna sevinməliyəm?!
– Duqlas, sabahın xeyir!
Asfalt yolda hündür dabanların taqqıltısını eşitdim, arxamda enlisifət və bənizi ağarmış, gözlərində eynək, saçları qısa kəsilmiş məktəb direktoru, miss Adams dayanmışdı.
– Gedək, – qətiyyətlə çiynimdən tutub söylədi. – Onsuz da gecikmisən. Gedək.
O məni apardı, bir-iki, bir-iki, pilləkənlər boyu, taleyimə doğru…
Mister Cordan seyrək saçlı, kök bir kişi idi, yaşıl gözlərindən həmişə ciddiyyət yağardı, onun öz cədvəlləri və diaqramları qarşısında dayanarkən pəncələri üzərində ləngər vurmaq kimi bir vərdişi vardı. Bu gün o özüylə köndələn kəsilmiş insan bədəninin təsvirini gətirmişdi. Yaşıl, göy, çəhrayı, sarı venaları, kapillyarları, əzələləri, vətərləri, daxili orqanları, ağciyərləri, sümükləri və piy toxumalarını görmək olardı.
Mister Cordan başının hərəkətiylə şəkli göstərdi.
– Bədxassəli şişlə sağlam hüceyrələrin bölünməsi arasında böyük oxşarlıqlar var. Xərçəng sanki qudurmuş normal funksiyadır. Hüceyrələrin təkrar istehsalı ona gətirir ki…
Əlimi qaldırdım.
– Qida kimi… yəni… nəticədə bədən böyüyür?
– Yaxşı sualdır, Duqlas, – və o, şəkli taqqıldatdı. – Qida orqanizmə düşəndən sonra parçalanır, həzm olunur və…
Qulaq asır və mister Cordanın mənə neyləmək istədiyini anlayırdım. Qısa həyatımın illəri sanki yumşaq süxurlarda iz buraxan qədim bitkilər və heyvanlar idi. Mister Cordansa bu izi pozmağa, hamarlamağa çalışırdı. Onsuz da sonda hər şey silinməlidir, inandığım, düşündüyüm hər şey… Anam bədənimi qidayla dəyişir, mister Cordan da eyni şeyi sözlərlə edir.
Mən qulaq asmamaq üçün kağızın üzərində çəkməyə başladım. Burnumun altında mızıldandım, yeni, öz dilimi uydurmağa çalışdım. Günün sonunacan daha başqa bir söz eşitmədim. Hücuma qarşı dura bildim, zəhərin qarşısını almağı bacardım.
Yalnız məktəbdən sonra missis Singerin dükanının önündən keçərkən özümə iri bir konfet aldım. Nəfsimi saxlaya bilmədim. Onu yeyib qurtarandan sonra isə kağızında yazdım: “Bu, həyatımda yediyim sonuncu konfetdir. Hətta şənbə seansında ekranda Tom Miks və Tonini görəndə də daha konfet yeyən deyiləm”.
Taxçalardakı şirniyyat yığınına tamaşa elədim – üst-üstə qalaqlanmış ot tayasına bənzəyirdi. Üzərində mavi rəngdə “ŞOKOLAD” sözü yazılmış narıncı rəngli, sarı və bənövşəyi kağızlar tığ vururdu. Konfeti öz içimdə duyurdum, hüceyrələrimin necə böyüdüyünü hiss edirdim. Missis Singer hər gün yüzlərcə konfet satır. Deməli, o da başqalarıyla əlbirdir. Olmaya, o bu konfetlərin uşaqlara necə təsir elədiyini bilmir? Niyə belə edir? Bəlkə, onların cavanlıqlarına paxıllıq edir? Onların tezliklə qocalmasını istəyir? Onu öldürməyə hazır idim!
– Neyləyirsən? – mən kağızın üzərində yazarkən arxadan yaxınlaşan Bill Arno soruşdu.
Klarissa Mellin də onun yanındaydı. O öz mavi gözlərini mənə zilləmiş və elə bil ağzına su almışdı. Tez kağızı gizlətdim.
– Heç nə, – dedim.
Üçlükdə yolumuza davam elədik. Ətrafda uşaqlar qaçdı-tutdu, gizlənpaç oynayır, top əvəzinə konserv bankası çiləyirdilər. Mən Billə tərəf çevrilib dedim.
– Bir, bəlkə, iki ildən sonra artıq bu oyunlardan məhrum olacağıq.
Bill qəhqəhə çəkib söylədi:
– Yox bir! Görəsən, bizə kim qadağa qoyacaq ki?!
– Onlar, – cavab verdim.
– “Onlar” deyəndə kim? – Bill soruşdu.
– Fərq eləməz, – cavab verdim. – Bax görərsən.
– O-o-o, – Bill uzatdı. – Deyəsən, başın xarab olub!
– Heç nə anlamırsan! – çığırdım. – Biz oynayır, atılıb-düşürük, onlarsa heç sezmədiyimiz halda elə edirlər ki, sonda başqa cür düşünək, başqa cür hərəkət edək. Nəhayət, budur, gözəl günlərin birində oynamağın daşını atır və özün də bütün vaxtını müxtəlif şeylər üzərində baş sındırmağa və təlaşlanmağa sərf edirsən!
Üzüm alışıb-yanırdı, yumruqlarımı sıxmışdım. Hirs təpəmə vurmuşdu. Bill geri çevrilib qəhqəhə içində uzaqlaşdı. Kimsə “Anni, hər şey bitib, hər şey bitib” oxuya-oxuya əlindəki topu qonşu evin damından o tərəfə atdı.
Bütün günü səhər yeməyi yemədən və nahar etmədən veyillənmək olar; bəs şam yeməyi? Kirimişcə masa arxasına keçəndə qarnım quruldayırdı. Aşağı, dizlərimə baxır və əsməcənin qarşısını almaq üçün onları əllərimlə bir-birinə sıxırdım. Görək kim daha güclüdür!
Atam düşdüyüm vəziyyətə sanki anlayış göstərməyə çalışdı.
– Məcbur eləmə, qoy masa arxasından dursun, – yemədiyimi görüb anama söylədi. Üstəlik, ona göz də vurdu. – Sonra yeyər.
Bütün axşamı başqa uşaqlarla birgə şəhərimizin isti küçələrində, birmərtəbəli kərpic evlərin həyətində keçirdim; artıq hava qaralırdı, bizsə gurultu salan konserv bankalarını çiləyir və ağaclara dırmaşırdıq.
Axşam saat onda mətbəxə keçəndə inad etməyin mənasız olduğunu anladım. Soyuducunun qapısına aşağıdakı qeyd yapışdırılmışdı: “Ürəyin istədiyi qədər ye. Atan”.
Soyuducunu açan kimi içəridəki buzlu hava və qırov basmış yeməyin qoxusu məni vurdu. Qızardılmış toyuq əti “gəl-gəl” deyirdi. Bir tərəfdə kərəviz, digər tərəfdə cəfərinin arasından boylanan çiyələk.
İndi neçə əlimin olduğuna belə vara bilmirdim. Deyəsən, onlar lap çox idi. Lap elə məbədlərdə sitayiş olunan hind allahları sayağı. Birində pomidor var, o biri bananı qamarlayıb. Üçüncüsü – çiyələyi! Dördüncü, beşinci, altıncıda – zeytun, turp, pendir tikəsi!..
Yarım saatdan sonra dizləri üztə unitazın qarşısında çökmüşdüm. Ağzımı açıb əlimdəki qaşığı müqavimət göstərən dilimə, boğazıma basırdım – dərinə, daha dərinə…
…Yataqda uzananda az əvvəl acgözlüklə yediyim yeməkdən yaxa qurtardığıma sevinirdim və arabir qusuntumun acı dadı ağzıma gələndə diksinirdim. Əsməcə içində, boşalmış, yenidən aclıq keçirən birisi təki uzanmışdım, amma bu dəfə yemək üçün həddən artıq zəif idim…
Ertəsi gün də çox əzginiydim, bənizim solmuşdu; bu halım anamın diqqətindən yayınmadı.
– Əgər bazar ertəsi yaxşı olmasan, – o söylədi, – həkimə gedərsən.
Şənbə günü idi. Bu gün ürəyin istəyən qədər çığıra bilərdin və müəllimlərin gümüşü zınqırovları səni susmağa məcbur eləməyəcəkdi; bu gün “Elita” kinoteatrındakı uzun zalın qaranlığında, işıqlı ekranda ağ-qara nəhəng fiqurlar hərəkət edirdi; bu gün uşaqlar böyüyən varlıqlar deyil, sadəcə, uşaqlardı.
Küçədə ins-cins gözə dəymirdi. Əvvəllər səhərlər başqa uşaqlar kimi dəmir yolu boyunca addımladığım halda, – qızmar günəş uzandıqca uzanan bu paralel metal zolaqları yalın ayağı yandıra biləcək qədər isidirdi, – indi karıxmış halda hara gedəcəyimi belə bilmirdim. Beləcə, günorta saat üçdə yarğana gəlib çatanda orda artıq heç kəs yox idi: bütün oğlanlar və qızlar kinoteatrda oturub limonlu nabat sümürürdülər.
Yarğan mənə hələ heç vaxt bu qədər əzəli, köhnə, yaşıl və yalqız gəlməmişdi – əcaib hislər keçirdim. Axı onu heç vaxt belə sakit görməmişdim. Ağaclardan üzüm gövdələri sallanmışdı, çayın suyu xırda daşların üzərindən axıb gedirdi, lap yuxarıda, ağaclardasa quşlar cəh-cəh vururdular.
Kolların arxasında daldalanaraq, ara-sıra dayanaraq və sonra yenidən yoluma davam edərək yalnız məktəblilərə tanış olan cığırla aşağı düşürdüm. Körpüyə yaxınlaşanda qarşı tərəfdən Klarissa Mellinin mənə tərəf gəldiyini gördüm. O, evə qayıdırdı və qoltuğunda bir neçə balaca bağlama vardı. Utana-utana salamlaşdıq.
– Burda neyləyirsən? – qız soruşdu.
– Elə-belə gəzirəm, – cavab verdim.
– Tək?
– Aha. İndi uşaqların hamısı kinodadır.
Qız addımlarını yavaşıtdı, sonra soruşdu:
– Səninlə gəzmək olar?
– Əlbəttə, – dedim. – Gedək.
Biz yarğan boyu getdik; o, iri maşın kimi uğuldayırdı. Hər şey donub-qalmışdı, heç nə tərpənmirdi. Təkcə çəhrayı cırcıramalar suyun üzərində ora-bura uçuşurdular.
Biz cığırla irəliləyirdik və bəzən Klarissanın əli əlimə toxunurdu. Mən yarğanın nəm, mülayim ətrini və Klarissanın naməlum, xoş qoxusunu hiss edirdim.
Biz cığırların çarpazlaşdığı yerə gəlib çatdıq.
– Bax o ağacda ötən il çadır qurmuşduq, – ona söylədim.
– Hansı? – Klarissa haranı göstərdiyimi görmək üçün lap yaxınıma gəldi. – Görmürəm.
– Bax orda, – titrək səslə dilləndim və yenidən göstərdim.
O isə sakitcə məni qucaqlayıb özünə tərəf çəkdi. O qədər karıxdım ki, az qala qışqıracaqdım. Sonra qızın titrək dodaqları məni öpdü, qollarım bilaixtiyar onun belinə dolandı, mən səssiz qışqırığımda boğuldum.
Sükut üzərimizdə yaşıl günbəz şəklini almışdı. Çay elə həminki təki şırıldayırdı. Nəfəsim kəsilmişdi.
Hər şeyin bitdiyini bilirdim. Məhv olurdum. Bu dəqiqədən etibarən yalnız və yalnız toxunuşlar, yeməli təamlar, dil, cəbr və məntiq, hislər və jestlər, öpüşlər və qucaq- laşmalar – çənginə almış burulğan məni lap dərinə apa- rırdı. Həmişəlik məhv olduğumu bilirdim və peşman deyildim. Amma əslində, peşman idim – həm ağlayır, həm gülürdüm və heç nə eləmək mümkün deyildi, yalnız onu qucaqlamaq və sonunu düşünmədən fədakarcasına, bütün ruhumla, cismimlə sevmək istəyirdim.
Bundan belə də valideynlərimə, məktəbə, yeməyə, kitabda yazılanlara qarşı müharibə apara bilərdim, amma dodaqlarımdakı bu şirinliyə, qollarımın arasındakı bu istiliyə, bu yeni qoxuya qarşı çıxmaq heç cür mümkün deyildi.
– Klarissa, – onu qucaqlaya-qucaqlaya, göz yaşları içində çiyninin üzərindən baxır və pıçıldayırdım: – Klarissa, Klarissa!

YAĞIŞ ZAMANI GƏLDİ
Mehmanxana səhrada qurumuş sümüyü xatırladırdı. Günəş amansız yandırır və damı bərk qızdırırdı. Gündüz bürküsünün hənirtisi gecələr otaqları uzaq meşə yanğınının qoxusu təki bürüyürdü. Hətta qaranlıq düşəndən sonra da mehmanxanada uzun müddət işıqları yandırmırdılar, çünki o, bürkünü yada salırdı. Cidd-cəhdlə sərinlik axtarışına çıxan mehmanxana sakinləri zülmətdə divarları əlləməyə üstünlük verirdilər.
Bu axşam hotel sahibi mister Terl və onun yeganə kirayənişinləri olan mister Smitlə mister Fermli, – hər ikisi təbiətcə quru tütün yarpağından fərqlənmirdi; əslində, həm də tütün iyi verirdilər, – hoteli əhatələyən uzun şüşəbənddə oturmuşdular. Onlar cırıldayan yelləncək-kürsüdə yırğalanaraq od kimi havanı udur və donub-qalmış bürkünü hərəkətə gətirməyə çalışırdılar.
– Mister Terl, sərinləşdirici bir cihaz alsaydınız, əcəb yaxşı olardı…
Mister Terl heç gözlərini də açmadı. Nəhayət, uzun fasilədən sonra cavab verdi.
– Haradan pul tapım?
Hər iki kirayənişin utandığından azacıq qızardı; çünki iyirmi il idi ki, mehmanxanada yaşayır və bunun müqabilində mister Terlə bir qara qəpik də olsun vermirdilər. Araya yenidən sükut çökdü. Mister Fermli qüssə içində ah çəkdi.
– Bəlkə, hamımız bu lənətə gəlmiş istinin əlindən münasib bir şəhərə qaçaq?
– Bu ilan mələyən yerdə ölü mehmanxana əldə eləmək kimin nəyinə gərəkdir ki? – mister Terl cavab verdi. – Yox, burda qalıb yanvarın iyirmi doqquzunu gözləyəcəyik.
Yelləncək-kürsülərin cırıltısı kəsildi. İyirmi doqquz yanvar… Burda, həqiqətən, yağışın yağdığı gün…
– Onda lap az qalıb, – ovcunun arasında sarı ay təki parıldayan cib saatına baxan mister Smit söylədi.
Daha iki saat doqquz dəqiqə və beləcə, həsrətində olduqları iyirmi doqquz yanvar gəlib çıxacaq. Göydəsə bir dənə də olsun bulud yox idi.
– Ağlım kəsəndən yanvarın iyirmi doqquzu həmişə yağış yağıb. – Səsinin yoğun yerinə salmasına təəccüblənən mister Terl susdu. – Əgər bu il bircə gün geciksə belə, ondan ötrü Allahı lənətləyən deyiləm.
Mister Fermli qurumuş dodaqlarını yaladı və şərqdən qərbə doğru dəyişən baxışlarını uzaq dağlara sarı dikdi.
– Maraqlıdır, görəsən, qızıl qızdırması buralara qayıdacaq?..
– Burda daha qızıl-zad yoxdur, – mister Smit cavab verdi. – Ən pisi odur ki buralardan yağışın da ayağı kəsilib. O nə sabah yağacaq, nə biri gün, nə də o biri gün. Heç ilboyu da yağan deyil.
Üç qoca bomboş səmada deşik açan, günəştək parlaq aya baxırdı. Yelləncək-kürsülər yenidən cırıldamağa başladı.
***
Səhər mehi mehmanxananın suvağı qopmuş divarından asılmış təqvimin bürküdən burulmuş vərəqlərini xışıldatdı.
Çiyinbağılarını sümüklü çiyinlərindən aşıran üç qoca ayaqyalın aşağı düşüb günəşdən qıyılmış baxışlarını boş üfüqə zillədi.
– İyirmi doqquz yanvar… Lənətə gələsən, bir damcı yağış belə yoxdur… Amma nə bilmək olar, gün hələ təzə başlayıb.
– Kimin üçün təzə başlayıb, kimin üçünsə artıq arxada qalıb, – mister Fermli dodağının altında mızıldandı və geri çevrilib evə sarı getdi.
Dolanbac pilləkənləri və dəhlizi keçib otağına çatması və od kimi qaynar yatağına uzanması üçün ona cəmisi beş dəqiqə lazım oldu.
Günorta qapının arasında mister Terlin başı göründü.
– Mister Fermli?..
– Lənətə gəlmiş qoca kaktuslar! Özümüzə əcəb ad qoydum… – başını yastıqdan qaldırmayan mister Fermli söylədi; elə bil sifəti indicə toz kimi dağılıb döşəmənin kələ-kötür taxtalarına səpiləcəkdi. – Amma lənət şeytana, bu cəhənnəm odundan salamat çıxmaq üçün hətta kaktusa da, heç olmasa, bir damcı su lazımdır. Damda bu zibilə qalmış quşların deyil, yağışın tappıltısını eşitməyənə qədər yerimdən duran deyiləm.
– Mister Fermli, Allaha dua edin və çətir hazırlayın, – mister Terl bunu söyləyib pəncələrinin ucunda otağı tərk elədi.
Axşama yaxın dama bir-iki damcı çiləndi. Yatağından qalxmayan mister Fermli pəncərəyə müraciət edirmiş kimi zəif səslə dilləndi:
– Mister Terl, bu, yağış deyil. Bilirəm, bu sizin işinizdir, şlanqla damı sulayırsınız. Minnətdaram, amma zəhmət çəkməyin.
Damdakı küy kəsildi. Həyətdə dərindən ah çəkdilər…
Evi dolaşıb gəzən mister Terl təqvim vərəqinin qopub toz basmış döşəməyə düşdüyünü gördü.
– Lənətə gəlmiş iyirmi doqquz yanvar! – o, yuxarıdan səs eşitdi. – Daha on iki ay var hələ!
***
Mister Smit mehmanxana qapısının ağzında peyda olub dərhal da yoxa çıxdı. Sonra əlində iki əzik-üzük çamadanla yenidən gəldi. Onları nümayişkaranə şəkildə döşəməyə çırpdı.
– Mister Smit! – mister Terl vahimə içində qışqırdı. – İyirmi ildən sonra? Siz bunu etməzsiniz!
– Deyirlər, İrlandiyada ilboyu yağış yağır, – mister Smit söylədi. – Orda iş tapacam. Yağışın altında bütün günü ora-bura qaçacam.
– Mister Smit, siz gedə bilməzsiniz! – Terl həyəcanla hər cür bəhanə gətirməyə çalışdı və nəhayət, tapdı: – Sizin mənə iyirmi min dollar borcunuz var!
Mister Smiti sanki ildırım vurdu, yaşadığı bütün acı və inciklik baxışlarında əks olundu.
– Məni bağışlayın, – mister Terlin dili topuq çaldı və o, üzünü çevirdi. – Heç bilmirəm dilimdən necə çıxdı. Mister Smit, məsləhətli don gen olar, yaxşısı budur, Sietlə gedin. Orda hər həftə yağış yağır. Amma rica edirəm, gecəyarısını gözləyin. İsti azacıq səngisin. Gecə şəhərə çatmağa imkan taparsınız.
– Onsuz da bu müddət ərzində heç nə dəyişməyəcək.
– Ümidi itirmək olmaz! Axı sona həmişə ümid qalır. Həmişə nəyəsə inanmaq lazımdır. Mister Smit, mənimlə qalın. Heç oturmaya da bilərsiniz, bax beləcə ayaq üstə durub elə indicə yağışın yağacağını gözləyin. Bunu mənim xətrimə edin, sizdən başqa heç nə xahiş eləməyəcəm.
Səhrada xəfif tozanaq qalxdı, amma dərhal yoxa çıxdı. Mister Smit üfüqə göz gəzdirdi.
– Əgər yağışı düşünmək istəmirsinizsə, başqa şeyləri xəyal edin. Təki düşünün.
Mister Smit üzü üzlər görmüş çamadanının yanında eləcə mıxlanıb qaldı. Beş-altı dəqiqə ötdü. Ölü sükuta yalnız iki kişinin ucadan nəfəs alması rəng qatırdı.
Sonra mister Smit aşağı əyilib qətiyyətlə çamadanların dəstəyindən yapışdı.
Elə həmin an mister Terl gözlərini qəfil qıydı, irəli əyildi və əlini qulağına tutdu.
Əlini çamadandan buraxmayan mister Smit də donub-qaldı. Dağlardan zəif, boğuq, güclə eşidiləcək uğultu səsi gəldi.
– İldırım çaxır! – mister Terl pıçıldadı.
Uğultu get-gedə artırdı; dağın ətəyində balaca bir bulud göründü. Mister Smit yuxarı boylandı, hətta pəncələri üstə qalxdı.
Yuxarıda mister Fermli qəfil dirilmiş ölü kimi yatağında dik qalxmışdı.
Mister Terlin acgöz baxışları uzaqlara dikildi. Şüşəbəndin taxta məhəccərindən yapışan mehmanxana sahibi tropik mehinin haradansa sitrus və kokos özəyinin ətrini gətirdiyini zənn edən gəmi kapitanını xatırladırdı. Ruzigarın xəfif yeli istidən qurumuş burnunda uğuldadı.
– Bir baxın! – çığırdı. – Bir ora baxın!
Qara bulud tozlu qanadlarını çırpa-çırpa, guruldaya-guruldaya yaxınlıqdakı təpədən üzüaşağı yumalanırdı. Dağdan vadiyə bu ay ərzində ilk dəfə bir avtomobil səsini başına ata-ata gəlirdi!
Bunu görən mister Terl Smitə baxmaqdan ehtiyat edirdi. Mister Smitsə tavana baxıb biçarə mister Fermlini düşündü.
Mister Fermli isə köhnə, sınıq-salxaq maşın hay-küylə mehmanxananın qarşısında dayananda pəncərədən boylandı. Avtomobilin dayanmazdan öncə sonuncu dəfə bərk səs çıxarmasında da hansısa əcaib kədər vardı. Qızmar günəşin istisindən cadar-cadar olmuş sarımtıl-boz yolları, hələ on milyon illər bundan öncə okeanın çəkilməsi nəticəsində səhraya çevrilmiş şoranlığı tapdayaraq, deyəsən, uzaqdan gəlmişdi. Sökük-sökük olmuş, adda-budda hissələri ordan-burdan çıxan, pəhləvanın sifətindəki cod tükü xatırladan məftillə birtəhər bərkidilmiş, yuxarı qaldırılmış çadır üstlüyü olan (o, nanəli nabat kimi istidən ərimiş və arxa oturacağın söykənəcəyinə yapışmışdı) 1924-cü il buraxılışlı avtomobil sonuncu dəfə səs çıxarıb sanki canını tapşırdı.
Sükan arxasında oturub səbirlə gah kişilərə, gah da mehmanxanaya nəzər salan yaşlı qadın elə bil demək istəyirdi: “Siz Allah, bağışlayın, dostum ağır xəstəlikdən dünyasını dəyişmək üzrədir. Çoxdanın tanışıydıq və deyəsən, indi onunla sağollaşıb son mənzilə yola salmalıyam”. Qadın sakitcə oturub sanki maşının son çırpıntısının bitməsini gözləyirdi, sonra isə qarşısıalınmaz, zəruri aqibət gələcəkdi. Qadın artıq səsini tamamilə kəsmiş maşına qımıldanmadan yarım dəqiqə də qulaq kəsildi. Yad qadının təmkinliliyi mister Terl və mister Smiti bilaixtiyar özünə cəlb elədi. Nəhayət, kədərli baxışlarını kişilərə dikib mehribanlıqla əl yellədi.
Bu zaman pəncərədən boylanan mister Fermli də qeyri-ixtiyari qadına əl yellədi. Mister Smitsə düşündü: “Qəribədir, bu ki ildırım deyil, amma mən o qədər də məyus olmamışam. Görəsən, niyə?”
Mister Terl isə artıq maşına tələsirdi.
– Biz elə düşünürdük ki… biz düşünürdük ki… – O, karıxıb susdu. – Mənim adım Terldir, Co Terl.
Qadın kişinin ona sarı uzanmış əlini sıxdı. Onun açıq-mavi gözləri şəffaf dağ gölünü xatırladırdı.
– Miss Blanş Hilqud, – qadın sakit səslə dilləndi. – Qrinel kollecinin məzunu, ərdə deyiləm, musiqi tədris edirəm, otuz il musiqi tələbə klubuna rəhbərlik eləmişəm, Ayovada, Qrin Siti tələbə orkestrinin dirijoru olmuşam, iyirmi ildir ki fortepiano, arfa və nəğmə dərsləri verirəm, son bir ayda təqaüdə çıxmışam. İndisə vərdiş elədiyim yerləri tərk edib Kaliforniyaya gedirəm.
– Miss Hilquld, burdan çıxmaq müşkül işdir.
– Deyəsən, sizə inanası olacam. – Qadın təlaşlı baxışlarını avtomobilin ətrafında dövrə vuran kişilərə zillədi və həmin dəqiqə yeldən əziyyət çəkən nənəsinin dizlərində oturmaqdan sıxılan qızcığazı xatırlatdı.
– Məgər heç nə eləmək olmaz? – qadın soruşdu. – Millərdən əla çəpər alınar, əyləc disklərindənsə kirayənişinləri nahara çağırmaq üçün sinc. Qalanlarını bəlkə yapon bağında istifadə eləmək olar.
– Onun axırı çatıb. Yəni ondan daha maşın olan deyil. Mən elə burdan da rahat görürəm. Bəlkə, şam eləyək? – yuxarıdan mister Fermlinin səsi eşidildi.
Mister Terl təzim edərək dilləndi:
– Miss Hilqud, “Səhra” mehmanxanasına xoş gəldiniz. Sutkanın iyirmi dörd saatı üzünüzə açıqdır. Qaçqın məhbusların və qanun pozucularının öz adlarını daimi müştəri kitabçasında qeyd eləmələrini xahiş edirik. Bir gecə qonağımız olun, pul ödəməyə ehtiyac yoxdur, sübh tezdən anbardan köhnə “ford”umuzu çıxarıb sizi şəhərə apararıq.
Miss Hilqud kişilərin onun maşından düşməsinə yardımçı olmalarına nəzakətli şəkildə imkan yaratdı. Sanki tərk edilməsinin acısını yaşayan maşın son dəfə zarıdı. Qadın ehmalca qapını örtdü.
– Dostumun biri məni tərk elədi, amma ikincisi hələ də mənimlədir. Mister Terl, onu evə aparmazsınız ki?
– Madam, bunu deyirsiniz?
– Üzrlü sayın, əşyalarıma həmişə canlı insan kimi yanaşıram. Yəqin ki, avtomobil centlmen sayılmalıdır, çünki məni hər yerdə müşayiət edib, amma razılaşın ki, arfa qadındır.
Qadın başının hərəkətiylə arxa oturacağı göstərdi. Orda, səmanın fonunda gəminin burnu təki irəli əyilib havanı yaran ensiz, dəri yeşik vardı.
– Mister Smit, bir kömək edin görüm, – mister Terl dilləndi.
Onlar hündür yeşiyi açıb ehtiyatla maşından düşürdülər.
– Ey, orda nə işlərdən çıxırsınız? – mister Fermli yuxarıdan qışqırdı.
Mister Smit büdrədi və miss Hilqud qorxudan çığırdı. Yeşik bacarıqsız kişilərin əlində oyan-buyana yellənirdi. Simlərin ahəngdar səsi ətrafa yayıldı.
Bu səs mister Fermlinin də otağına gəlib çatdı və o, heyrətdən gözlərini bərəldib yaşlı xanımın, sirli yeşiyin və iki kişinin qapıdan içəri keçməsini izlədi.
– Ehtiyatla! – mister Smit çığırdı. – Hansısa gicbəsər öz çamadanlarını burda qoyub. – Birdən susdu. – Gicbəsər? Bunlar ki mənim çamadanlarımdır!
Mister Smit və mister Terl bir-birinə baxdı. Üzlərində artıq tər dənəcikləri parlamırdı. Xəfif yel köynəklərinin yaxalığını, təqvimin vərəqlərini yellədirdi.
– Hə, bu mənim çamadanlarımdır, – mister Smit söylədi.
Onlar evə keçdilər.
***
– Bir qədəh də istəyirsiniz, miss Hilqud? Bizlərdə çoxdan şərab içilmirdi.
– Lap az, zəhmət olmasa.
Onlar onsuz da otağı qaynar sobaya çevirən yeganə şam işığında yemək yeyirdilər, işığın zəif zolaqları çəngəl-bıçaqlarda və təzə boşqablarda oynayırdı. Sakinlər və qadın yemək yeyir, ilıq şərab içir və söhbətləşirdilər.
– Miss Hilqud, özünüz barədə bir az da danışın.
– Özüm barədə? – qadın sualı təkrarladı. – Açığı, başım gah Bethoveni, gah Baxı, gah da Bramsı ifa eləməyə o qədər qarışmışdı ki, iyirmi doqquz yaşımın necə ötdüyünü belə hiss eləmədim, sonra qırx, dünən isə yetmiş bir yaşım tamam oldu. Əlbəttə, həyatımda kişilər olub. Amma onlar on yaşlarında oxumaqdan əl çəkdilər, on iki yaşındasa artıq uçmağı bacarmırdılar. Mənə həmişə elə gəlib ki, insan uçmaq üçün doğulub, elə buna görə də çuqun kimi ağır qanları sayəsində yerə yapışmış kişiləri heç cür həzm edə bilmirdim. Çəkisi yüz kilodan az kişiylə qarşılaşdığımı xatırlamıram. Onlar öz qara kostyumlarında yanımdan ölü arabası təki ötüb-keçirdilər.
– Siz də onların əlindən uçdunuz, hə?
– Yalnız düşüncələrimdə, mister Terl, yalnız düşüncələrimdə. Nəhayət, gerçəkdən buna cəsarət edə bilməyim üçün mənə altmış il lazım gəldi. Bütün bu müddət ərzində fleyta və skripkalarla dostluq elədim, çünki onlar göylərdəki çayları xatırladır, bilirsiniz də, lap elə yerdəki çaylar kimi. Mən Hendel göllərindən başlamış ta Ştrausun şəffaf körfəzlərinədək buz kimi sularda çimirdim. Yalnız doyunca səyahət edəndən sonra bu yerlərə gəlib çıxdım.
– İllərlə alışdığınız yerləri tərk eləməyə necə ürək etdiniz? – mister Smit soruşdu.
– Ötən həftə birdən-birə ətrafıma nəzər saldım və özlüyümdə söylədim: “Elə hey tamam tənha uçursan. Qrin Sitidə bir nəfər də olsun sənin necə yüksəklərə uça bilməyinlə maraqlanmır”. Elə həmişə tutuquşu kimi təkrarlanan eyni ifadələr: “Blanş, çox sağ ol”, “Klubdakı konsertinizə görə təşəkkürlər, miss Hilqud”. Lakin onlardan heç biri həqiqətdə musiqiyə qulaq asa bilmirdi. Hələ lap əvvəllər Nyu-York və Çikaqonu xəyal etməyə çalışanda hamı iltifatla çiynimdən şappıldadır və gülə-gülə təsdiqləyirdi: “İri bataqlıqda balaca qurbağa olmaqdansa, balaca bataqlıqda iri qurbağa olmaq qat-qat yaxşıdır”. Mən də qalmaqda davam edirdim, bu cür məsləhət verənlərsə oraları tərk edir, dünyalarını dəyişir, ya da eyni zamanda hər iki hadisəni birdən yaşayırdılar. Çoxlarısa, sadəcə, kar idilər. Bir həftə əvvəl ağlımı başıma yığıb özümə söylədim: “Bəsdir! Nə vaxtdan belə düşünürsən ki, qurbağalar qanadlanıb uça bilər?”
– Deməli, yolunuzu qərbdən salmağa qərar verdiniz? – mister Terl soruşdu.
– Bəlkə də. Haradasa akkompaniatorluq[1 - Akkompaniator – hər hansı musiqi alətində solo ifanın müşayiətçisi] edərəm, ya da açıq havadaca konsert verən orkestrlərdən birində çalaram. Yalnız mən gerçəkdən musiqiyə qulaq asa bilən kəslər üçün çalmalıyam…
Onlar qadına boğanaq alaqaranlıqda diqqət kəsilmişdilər. Qadınsa susmağa üstünlük verdi, qoy indi söylədiklərinin axmaq, ya məzəli olması üzərində baş sındırsınlar. O, ehmalca stulun söykənəcəyinə dayaqlandı. Yuxarıda kimsə öskürdü. Miss Hilqud səsə diqqət yetirdi və ayağa qalxdı.
***
Mister Fermli gözlərini açmağa cəhd edən kimi qarşısında qadının üzünü gördü. O, kişiyə doğru əyilib əlindəki sinini çarpayının yanına qoydu.
– Elə indicə aşağıda nə barədə danışırdınız?
– Sonra gəlib sizə də deyərəm, – qadın cavab verdi, – hələliksə yemək yeyin. Salat çox dadlıdır.
Qadın otaqdan çıxmaq üçün geri çevrildi. Elə həmin an kişi tələsik soruşdu:
– Siz bizi tərk eləməyəcəksiniz ki?
Qadın bürküdən alnı qan-tər içində olan kişiyə baxmaq üçün kandarda ayaq saxladı. Kişi də onun gözləri və dodaqlarını güclə ayırırdı. Qadın azacıq dayanıb sonra aşağı düşdü.
– Yəqin, sualımı eşitmədi, – mister Fermli öz-özünə dedi. Bununla belə, qadının onu eşitdiyinə əmin idi.
Miss Hilqud qonaq otağından keçib əlini dəri yeşiyə toxundurdu.
– Mən şam yeməyinə görə pul verməliyəm.
– Yox-yox, mehmanxana sahibi sizi qonaq edir, – mister Terl etiraz elədi.
– Əsla, mən ödəməliyəm, – qadın tələsik yeşiyin ağzını açdı. Köhnə, qızılı əşya tutqun işıq saçdı.
Kişilərin ürəkləri döyündü. Onlar sual dolu baxışlarını formaca ürəyi xatırladan sirli əşyanın yanında dayanmış qadına dikdilər. Əşya qadından hündür idi, onun şar kimi dairəvi, şəffaf ayaqaltısı varıydı, üzərindəsə uzunsov gözlü yunan ilahələrinin çöhrəsini xatırladan hündür qadın fiquru – mehriban baxışlı miss Hilqud da onların gözünə belə görünürdü.
Kişilər həyəcanla bir-birinə baxdılar, sanki indi nə baş verəcəyini duydular. Onlar stullarından sıçrayıb tərdən islanmış dəsmalla üzlərini silə-silə yumşaq divanın bir küncündə oturdular.
Miss Hilqud stulu özünə tərəf çəkib oturdu və qızılı arfanı ehmalca yana yatırdaraq çiyninə dirədi. Barmaqları simlərə toxundu.
Mister Terl qaynar havanı ciyərlərinə çəkib dinləməyə hazırlaşdı. Səhradan ruzigar əsdi və şüşəbənddəki yelləncək-kürsülər nohurdakı boş qayıqlar kimi yırğalandı. Yuxarıdan mister Fermlinin narazı səsi eşidildi:
– Orda nə baş verir?
Elə həmin an miss Hilqudun barmaqları arfanın simlərini dolaşmağa başladı. Onlar səyahətlərinə haradansa yuxarıdan, demək olar ki, qadının çiyni tərəfdən başlayıb düz yunan ilahəsinin sakitlik əxz edən sifətinədək gəldi, amma elə o dəqiqə geri qayıtdı, sonra bir anlıq donub-qaldı və musiqi sədası boğanaq qonaq otağından ta mehmanxananın bütün boş qaranlıq otaqlarınadək yayıldı.
Mister Fermli bundan belə otağından nəsə çığırmaq istəsəydi də, artıq onu eşidən olmayacaqdı. Mister Terl və mister Smit daha yerlərində otura bilmirdilər və sanki eyni anda əmr alıblarmış kimi ikisi də yerlərindən sıçradı. Onlar hələ ki dəli kimi çırpınan ürək döyüntülərindən və fısıltılı nəfəslərindən savayı bir şey eşitmədilər. Heyrətdən gözləri bərələ və ağızları açıq qalmış kişilər eyni zamanda iki qadına – kor ilahəyə, yəni arfaya və yorğun, mehriban gözlərini yumub, balaca, nazik əllərini irəli uzadıb otur- muş kövrək, yaşlı miss Hilquda tamaşa edirdilər.
“O, balaca qızcığaza oxşayır, – mister Terl və mister Smit düşüncələrə daldılar, – əllərini pəncərəyə, nəyinsə görüşünə uzadan qızcığaza!.. Bəs nəyə?! Əlbəttə ki yağışa!”
Leysanın səsi uzaq boş səkilərdə və navalçalarda yavaşıyırdı.
Yuxarıda mister Fermli könülsüz ayağa qalxdı, sanki kimsə onu zorla yataqdan qaldırırdı.
Miss Hilqud isə ifasına davam edirdi. Dinləyicilərdən heç biri qadının nə çaldığının fərqinə varmırdı, onlar sanki bu musiqini öz uzun həyatlarında dəfələrlə eşitmişdilər, sadəcə, nə adını, nə də sözlərini bilirdilər. Qadın çalır və əllərinin hər bir hərəkəti damı döyəcləyən iri yağış damcıları ilə müşayiət olunurdu. Yağış açıq pəncərələrdən içəri sərinlik gətirir, artırmanın istidən qupquru qurumuş lövhələrini yuyur, qızmar damı döyəcləyir, onu acgözlüklə canına çəkən qumu isladır, pas atmış maşının üzərinə, bomboş tövləyə və həyətdəki ölü kaktuslara çilənirdi. Beləcə, o, pəncərələri yudu, tozu yatırdı, suyu çəkilmiş yağış çəlləklərini ağzınacan doldurdu və açıq qapılardan xışıldayan muncuqlu pərdə asdı. Əgər qapıdan içəri girmək fikrinə düşsəydiniz, bu pərdəni əllə aralamaq olardı. Lakin mister Terl və mister Smit üçün ən arzuediləni onun həyatverici sərin toxunuşu idi. Yağışın xoş ağırlığı onları yenidən oturmağa məcbur elədi. Üzlərinə düşən yağış damcıları dərilərini azacıq sancır, çimdikləyir, qıdıqlayırdı. İlk istədikləri şey dodaqlarını bir-birinə möhkəm-möhkəm sıxmaq, gözlərini bərk-bərk yummaq, qollarıyla bədənlərini gizləyib daldalanmaq idi. Lakin onlar həvəslə başlarını arxaya ataraq üzlərini yağışın altına tutdular – qoy nə qədər istəyir, yağsın.
Lakin qasırğa vur-tut bir dəqiqə çəkdi, sonra yavaşıdı, arfanın səsi kəsilməyə doğru getdi, budur, barmaqlar sonuncu dəfə simlərə dəyməklə leysanın da səs-küyü qəfil gəldiyi kimi, qəfil də yoxa çıxdı.
Vida akkordu şimşəyin qığılcımından işıqlanmış yağış damlası təki havada donub-qaldı. Xəyallar əridi, sonuncu damcılar zülmət qaranlıqda səssiz-səmirsiz torpağa gömüldü.
Miss Hilqud gözlərini açmadan qollarını yanına saldı. Mister Terl və mister Smit ayılıb qonaq otağının qurtaracağındakı iki nağılvari qadına zilləndilər – quru, zərər çəkməmiş, möcüzəli şəkildə islanmamış o iki qadına…
Mister Terl və mister Smit zorla əsməcələrinin qarşısını alıb irəli əyildilər, sanki nəsə söyləmək istəyirdilər. Əməlli-başlı karıxmışdılar. Yuxarıdan gələn səs onları həyata qaytardı. Səs zəif idi, tənha qoca quşun yorğun qanad çalmasını xatırladırdı. Mister Terl və mister Smit qulaq kəsildilər. Bu, otağında əl çalan mister Ferml idi. Mister Terlə özünə gəlməsi üçün bircə an bəs idi. O, mister Smitin böyründən dürtmə vurdu və hər ikisi cuşa gələrək əl çalmağa başladı. Mehmanxananın otaqlarına yayılan əks-səda divarları, güzgüləri, pəncərələri döyəclədi, sanki bayıra püskürməyə yer axtarırdı.
İndi miss Hilqud da gözlərini açmışdı, elə bil məlum qasırğa onu qəfildən yaxalamışdı.
Mister Terl və mister Smit artıq özlərində deyildilər. Kişilər elə bərkdən və çılğınlıqla əl çalırdılar ki, kənardan baxan onların şar partlatdığını düşünə bilərdi. Yuxarıda mister Fermli nəsə qışqırırdı, amma eşidən yox idi. Əllər göydə oyan-buyana gedir, gah aralanır, gah şappıldayır, ta ki barmaqlar bir-birinə dəyməkdən qızarır və şişirdi. Nəhayət, onlar gizildəyərək yorğun şəkildə dizlərin üzərinə qoyuldu.
Mister Smit sanki hələ götür-qoy edirmiş kimi ağır-ağır ayağa qalxıb artırmaya çıxdı və çamadanlarıyla qayıtdı. O, yuxarıya qalxan pilləkənlərin aşağısında dayanıb miss Hilquda nəzər saldı. Sonra baxışlarını qadının şüşəbəndin pilləkənləri qarşısında olan çamadanına çevirdi və yenidən miss Hilquda baxdı: qaşları sanki sual verirmiş kimi azacıq yuxarı qalxdı.
Miss Hilqud əvvəlcə arfaya, sonra yeganə çamadanına, daha sonra mister Terlə və nəhayət, mister Smitə nəzər salıb razılıq əlaməti olaraq başını yellədi.
Mister Smit cəld yüngül çamadanlarından birini qoltuğuna alıb miss Hilqudun çamadanını da qamarladı və yavaş-yavaş pilləkənləri alaqaranlığa doğru qalxmağa başladı.
Miss Hilqud arfasını köksünə sıxdı və bu dəqiqədən etibarən ayırd etmək mümkün deyildi: görəsən, qadın simlərə mister Smitin rəvan addımlarına uyğun toxunur, yoxsa kişi həzin akkorda uyğun irəliləyir?! Arakəsmədə mister Smit əynində nimdaş, rəngi solmuş xalatı olan mister Fermliylə qarşılaşdı; o, aşağı düşməyə hazırlaşırdı.
Hər ikisi bir saniyə ayaq saxlayıb aşağıya, qonaq otağının uzaq küncündə yer almış bir kişi və iki qadına boylandı – bu yalnız qarabasmaydı, xəyal idi və hər ikisi eyni şeyi fikirləşdi: arfa və yağış səsləri – beləcə hər axşam davam edirdi. Daha damı şlanqla sulamaq lazım gəlmirdi. Bundan belə artırmada oturub, yatağında uzanıb damı döyəcləyən, döyəcləyən, döyəcləyən yağışın səsinə qulaq asa bilərdin…
Mister Smit pilləkənləri qalxmaqda davam elədi: mister Fermli isə aşağı düşdü.
Arfa səsi… Bir ona qulaq asın! On illərin quraqlığının sonu çatdı. Yağış zamanı gəldi!

YUXARIDAKI MƏNZİLİN SAKİNİ
O, nənəsinin cücənin içalatını necə səylə və həvəslə təmizlədiyini xatırlayırdı; quşun içindən əcaib şeylər çıxırdı: nəm, parlaq bağırsaqlar, əzələli, yumağı xatırladan ürək, üstəlik, pətənəyindən çıxan xırda daş kolleksiyası. Nənəsi bu pətənəyi elə qəşəng və səliqəylə kəsirdi ki; öz balaca və toppuş əlini onun içinə salıb “xəzinə”ni bayıra çıxarırdı. Sonra içalatı bölmək lazım gəlirdi, bəzilərini içinə su doldurulmuş qazana tökürdü, qalanlarını qonşu itlərə vermək üçün kağıza bükürdü. Daha sonra cücənin içini suda isladılmış quru çörəklərlə doldurur və çevik hərəkətlə ağ saplı iri iynəylə tikirdi.
On bir yaşlı Duqlas bu əməliyyatı seyr etməyi çox xoşlayırdı. O, mətbəx masasının siyirmələrində saxlanan iyirmi bıçağın hamısını əzbər tanıyırdı. Mehriban ifadəsi üzündən əskik olmayan çalsaçlı nənəsi bu bıçaqları öz möcüzəli aşpazlıq işləri üçün xüsusi təmtəraqla çıxarardı.
Duqlas özünü sakit apardığı və mane olmadığı təqdirdə həmin dəqiqələri mətbəxdə keçirə bilərdi. Bax elə indinin özündə belə masanın yanında dayanıb, nənəsinin içalat təmizləmə mərasiminə maraqla tamaşa edir.
– Nənəcan, – nəhayət, dillənməyə cəsarət elədi. – Mənim də içalatım belədir? – barmağıyla cücəni göstərdi.
– Hə, – gözünü işlək əlindən ayırmayan nənə cavab verdi. – Yalnız səninkilər bir az böyükdür, ümumilikdə isə eyni şeylərdir…
– Deməli, böyükdür, hə?! – Duqlas öz içalatıyla fəxr elədi.
– Hə, – nənə təsdiqlədi. – Yəqin ki, böyükdür.
– Onda babamda daha böyükdür. Qarnı o qədər qabağa çıxıb ki, ona dirsəklənə bilər.
Nənəsi cavabında gülümsədi və başını yellədi.
Duqlas davam elədi:
– Bəs küçəmizdəki Lüsiya Vilyamsda…
– Kəs səsini. Balaca yaramaz, – nənəsi çığırdı.
– Amma onda…
– Onda nə olub-olmadığı sənin işin deyil! Bunlar fərqli şeylərdir.
– Niyə fərqlidir ki?
– Bax indi süpürgəsinin üstündə uçub gələn ifritə ağzını yumar, onda bilərsən, – nənəsi deyindi.
Duqlas bir az susdu, sonra yenə soruşdu:
– Nənə, bəs sən mənim içimdə nəyin olub-olmadığını haradan bilirsən?
– İtil cəhənnəmə!
Dəhlizdə qapının zəngi çalındı. Duqlas qapıya qaçıb gözlükdən baxdı, başında şlyapa olan bir kişi gördü. Yenə zəng çalındı və Duqlas qapını açdı.
– Sabahın xeyir, balaca. Bəs ev sahibəsi hanı?
Donuq boz gözlər Duqlasa zillənmişdi. Yad adam arıq və hündür idi. Əlində portfel və çamadan vardı. Kişinin nazik barmaqlarındakı boz rəngdə bahalı əlcəklər və eybəcər həsir şlyapa Duqlasın diqqətini çəkdi.
– Ev sahibəsi məşğuldur, – bir addım geri atan Duqlas söylədi.
– Onun yuxarıdakı mənzili kirəyə verməsi barədə elanını gördüm və indi həmin otağa baxmaq istərdim.
– Bizim on kirayənişinimiz var, bütün otaqlarımız tutulub. Gedin!
– Duqlas! – nənəsi qəfil arxasında peyda oldu. – Salam, – yad kişiyə müraciətlə səsləndi. – Bu yaramaza fikir verməyin.
Nənəsi otağın üstünlüklərini təsvir edə-edə adamı yuxarıyacan müşayiət elədi. Tezliklə aşağı düşüb Duqlasa yuxarı döşəkağı, yorğan və yastıqüzü aparmasını tapşırdı.
Duqlas otağın kandarında ayaq saxladı. Yad kişi bura bir neçə dəqiqə əvvəl ayaq bassa da, sanki otaqda qəribə dəyişikliklər baş vermişdi. Çarpayıya saymazyana atılan həsir şlyapa elə bil bir az da eybəcərləşmişdi. Divara dayaqlanmış çətir qanadlarını açmış iri yarasanı xatırladırdı. Kirayənişinin özü arxası qapıya tərəf, otağın ortasında dayanmışdı.
– Ey, – əlindəki ağları çarpayıya tullayan Duqlas dedi. – Biz düz saat ikidə nahar edirik. Əgər geciksəniz, şorba soyuyacaq. Hər gün eyni saatda masaya əyləşirik!
Yad kişi cibindən bir yığın mis sent çıxarıb on dənə qəpik saydı və Duqlasın gödəkçəsinin cibinə saldı.
– Yəqin, dostluğumuz baş tutar, – hiyləgərcəsinə irişə-irişə söylədi.
Duqlas kirayənişinin bu qədər çoxlu mis sentləri olduğu halda, bir dənə də olsun on, ya iyirmi beş sentlik gümüş qəpiyi olmamasına təəccübləndi. Hamısı yeni, mis birsentliklər idi.
Duqlas qaşqabaqla ona minnətdarlıq elədi.
– Onları pul daxılına salacam. Orda artıq altı dollar əlli sentim var. Pulu avqustda edəcəyim səyahət üçün toplayıram…
– İndisə yuyunmalıyam, – yad kişi dedi.
Duqlas xatırlayırdı ki, bir gecə bayırda baş qaldıran tufanın səsinə oyanmışdı. Külək borularda vıyıldamış və ağacları yırğalamışdı, yağışsa damı döyəcləmişdi. Sonra birdən gözqamaşdırıcı şimşək otağı işıqlandırmışdı, bu da azmış kimi, ildırımın müdhiş səsi evi lərzəyə gətirmişdi. Duqlasın şimşək işığında yaşadığı qorxu yaddaşına ömürlük yazılmışdı.
Oxşar hissi indinin özündə də, otaqda dayanıb yad kişiyə baxanda da keçirdi. Otaq artıq əvvəlkitək deyildi. O elə həmin ildırım işığındakı otaq kimi, ancaq hansısa qeyri-müəyyən şəraitdə dəyişmişdi. Ona doğru gələn kirayənişin Duqlası geri addımlamağa məcbur elədi.
Qapı düz burnunun ucunda şappıltıyla örtüldü.
***
Taxta çəngəl kartof püresinə batıb yuxarı qalxdı və boşqaba boş qayıtdı. Nahara düşən mister Koberman, – yeni kirayənişinin adı belə idi, – özüylə taxta bıçaq, qaşıq və çəngəl gətirmişdi.
– Missis Spoldinq, – bu əşyalara zillənmiş heyrət dolu baxışlara əhəmiyyət verməyən kirayənişin söylədi, – bu gün sizdə nahar edəcəm, sabahdan etibarən isə yalnız səhər və şam yeməyinə enəcəm.
Süfrəyə köhnə kasada şorba, iri boşqabda püreylə paxla gətirən nənə yeni kirayənişinə yaxşı təsir bağışlamaq üçün vurnuxurdu.
– Mən fokus bilirəm. – Duqlas birdən söylədi. – Bir baxın!
O, çəngəlin dişindən bıçaqla tutub masanın müxtəlif istiqamətlərinə yönəltdi. Çəngəlin tuşlandığı istiqamətlərdə iblis sədasını xatırladan cingiltili metal səsi çıxırdı. Əslində, bu elə də fəndgir bir şey deyildi. Duqlas çəngəli masanın taxtasına sıxır və sanki masanın özü ulayırdı. Kənardan bu, çox vahiməli görünürdü.
– Tam! Tam! Tam! – çəngəllə oynayan xoşbəxt Duqlas çığırırdı. O, çəngəli Kobermanın boşqabına yönəltdi və ordan səs gəldi.
Kobermanın boz sifəti donub-qaldı, gözlərində dəhşət ifadəsi oxundu. O, şorbasını qabağa itələyib stula yayxandı. Dodaqları əsirdi. Elə həmin an nənə mətbəxdən gəldi.
– Mister Koberman, nəsə baş verib?
– Mən bu şorbanı yeyə bilməyəcəm.
– Niyə?
– Artıq doymuşam. Çox sağ olun.
Mister Koberman təzim edib otaqdan çıxdı.
– Yenə nə hoqqa çıxarmısan? – nənə tərs-tərs Duqlasa baxdı.
– Heç nə, nənəcan. Niyə onun qaşığı taxtadandır?
– Burnun girməyən yerə başını soxma! Sənin bu zəhrimara qalmış tətilin nə vaxt bitəcək?
– Yeddi həftədən sonra.
– Aman Allah! – nənə zarıdı.
Mister Koberman gecələr işləyirdi. O, gecələr harasa yoxa çıxar, bir də səhərlər peyda olar, az-maz səhər yeməyi yeyər, sonra bütün kirayənişinləri süfrə arxasına toplayan şam yeməyinədək otağında səssiz-səmirsiz yatardı.
Mister Kobermanın günortalar yatmaq vərdişi Duqlası özünü sakit aparmağa məcbur edirdi. Amma bu onun iradəsi xaricindəydi, nənəsi qonşulara gedən kimi Duqlas pilləkənlər boyu qaçmağa başlayır, Kobermanın qapısı ağzında çığırır, ya da ayaqyolundakı dəmir suqabını döyəcləyirdi. Yalnız mister Koberman bu səs-küyə heç cür reaksiya vermirdi. Onun otağından səs-səmir gəlmirdi, ora sakit və qaranlıq idi. O şikayətlənmir və yatmaqda davam edirdi. Bu, çox qəribəydi.
Mister Koberman bu otaqda məskunlaşandan bəri Duqlas heç cür sakitləşə bilmirdi. Orada miss Sedlou yaşayanda otaq meşə çəmənliyi təki geniş və rahat idi. İndisə elə bil buz bağlamışdı, təzə yağmış qar sayağı təmiz və soyuq idi. Hər şey öz yerində idi, amma nəsə yad və qəribə təsir bağışlayırdı.
Duqlas dördüncü gün pilləkənlə öz sevimli, rəngli şəbəkəli pəncərəsinə dırmaşdı. O, birinci mərtəbəylə ikinci mərtəbənin arasında yerləşirdi və narıncı, bənövşəyi, mavi, qırmızı və sarı şüşə parçalarından ibarət idi. Duqlas onların arxasından baxmağı, xüsusən də günəşin ilk şəfəqləri torpağı qızılı rəngə bürüyəndə küçəni seyr etməyi çox xoşlayırdı.
Mavi dünya – mavi səma, mavi insanlar, mavi maşınlar, mavi itlər. Bu isə sarı dünya. Küçəni keçən iki qadın sanki Şərq nağıllarındakı şahzadələrə çevrildi. Duqlas irişdi. Bu şüşə qırıntısı hətta günəş şəfəqlərini belə daha qızılı çalara boyayırdı.
Duqlas səhər saat səkkizə yaxın əsasını yerə döyə-döyə öz gecə işindən qayıdan mister Kobermanı gördü. Başında həmişəki eybəcər şlyapası vardı. Duqlas üzünü başqa şüşə qırıntısına dayadı. Qırmızıdərili mister Koberman qırmızı dünyanın qırmızı gülləri və qırmızı ağaclarının yanından ötüb-keçirdi. Gördükləri Duqlası nəyə görəsə heyrətləndirdi. Ona birdən elə gəldi ki, mister Kobermanın geyimi əriyib və dərisi şəffaf olub. Kirayənişinin daxilində görünənlər Duqlası heyrətdən burnunu şüşəyə dirəməyə məcbur elədi.
Mister Koberman başını qaldıranda Duqlası gördü və sanki hədə-qorxu gəlirmiş kimi əsasını havada yellədi, sonra xırda addımlarla qırmızı cığırı keçib düz qapıya tərəf gəldi.
– Ey, oğlan! – pilləkənlərlə yuxarı qalxan kirayənişin çığırdı. – Orda nə oyundan çıxırsan?
– Heç. Sadəcə, baxıram, – Duqlas mızıldandı.
– Sadəcə, baxırsan? Elə bu? – Koberman bağırmaqda davam elədi.
– Bəli, cənab. Mən müxtəlif şüşələrdən baxıram və müxtəlif dünyalar görürəm – mavi, qırmızı, sarı. Müxtəlif.
– Hə, hə, müxtəlif, – Koberman özü də üzünü pəncərəyə dayadı. Onun bənizi ağarmışdı. Alnını cib dəsmalıyla silib yalandan gülümsündü.
– Rəngbərəngdir. Nə yaxşı. – O öz qapısına yaxınlaşdı və geri çevrilib əlavə elədi: – Yaxşı, yaxşı. Oyna.
Qapı bağlandı. Koberman öz otağına girdi. Duqlas onun arxasınca üz-gözünü əyib özü üçün yeni şüşə tapdı.
– Oho, indi də hamısı bənövşəyidir!
***
Yarım saatdan sonra oğlan qumluqda oynayanda zərbədən sınan pəncərənin səsi eşidildi. Duqlas anındaca ayağa sıçradı və artırmada dayanıb yumruğu ilə onu hədələyən nənəsini gördü.
– Duqlas! Sənə neçə dəfə demişəm, evin qabağında topla oynama!
– Amma mən burda oturmuşdum, – Duqlas etiraz elədi.
Lakin nənəsi ona qulaq asmaq istəmirdi.
– Bir gör neylədin, yaramaz uşaq!
Sevimli, rəngli şəbəkəsi çilik-çilik olmuşdu və şüşə qırıntılarının ortasında Duqlasın topu vardı. O özünü təmizə çıxarmağa macal tapmamış yumruq zərbələrinə tuş gəldi.
Sonra Duqlas qumluqda oturub ağrıdan deyil, düçar qaldığı ədalətsizlikdən axan duzlu göz yaşlarını uddu. O, topu kimin atdığını bilirdi – bu, əlbəttə ki, soyuq, boz otaqda yaşayan şlyapalı kişi idi.
“Bir dayan, hələ bir dayan” – Duqlas durmadan pıçıldayırdı.
O, nənəsinin şüşə qırıntılarını süpürgəylə yığıb zibil qutusuna atdığını eşitdi. Mavi, qırmızı, narıncı şüşələr bundan belə zibilxanada cır-cındır və boş konserv qutularına yoldaşlıq edəcəkdi.
Nənəsi gedəndən sonra Duqlas içini çəkə-çəkə zibil qutusuna yaxınlaşdı və ordan üç dənə qiymətli şüşə qırıntısını götürdü. Kobermanın rəngli şüşələrdən xoşu gəlmir? Olsun, bax elə buna görə onları xilas eləmək lazımdır.
Babası mətbəədən digər sakinlərdən bir az əvvəl, təxminən saat beşdə qayıdırdı. Dəhlizdə onun ağır addımları eşidilən kimi Duqlas kişinin qabağına qaçır və boynuna atılırdı. O, qəzet oxuyan babasının iri qarnına sıxılıb dizləri üstə oturmağı xoşlayırdı.
– Baba, qulaq as!
– Hə, nədir?
– Nənəm bu gün yenə cücənin içalatını çıxardı. Buna tamaşa eləmək elə maraqlıdır ki! – Duqlas söylədi.
Babası gözlərini qəzetdən ayırmırdı:
– Artıq bu həftədə ikinci cücədir. Nənən axırda bizi cücəyə çevirməsə yaxşıdır. Sən onun içalatı necə çıxarmasını izləməyi xoşlayırsan? Ay səni, balaca soyuqqanlı qəddar!
– Axı mənə maraqlıdır!
– Buna heç şübhəm də yoxdur, – babası əsnəyə-əsnəyə söylədi. – Qatarın altına düşən qızı xatırlayırsanmı? O, tamam qan içindəydi, sənsə gedib bu mənzərəyə tamaşa eləmişdin, – kişi gülümsündü. – Cəsarətli balam. Elə belə də lazımdır – həyatda heç nədən qorxma! Yəqin, bu xasiyyətin sənə atandan keçib, axı o, hərbçi olub. Sən ötən ildən bizə gələndən bəri ona çox oxşamağa başlamısan, – o öz qəzetini oxumağa davam etdi.
Duqlas bir dəqiqədən sonra sükutu pozdu:
– Baba!
– Hə?
– Bəs əgər adamın ürəyi, ağciyəri, ya mədəsi yoxdursa, amma zahirən başqaları kimidir?
– Bu yalnız nağıllarda ola bilər.
– Yox, mən nağıllardan danışmıram. Tutalım, o, içdən tamam başqadır, amma zahirən mənə oxşayır.
– Onda, yəqin, ona tam olaraq insan demək olmaz.
– Əlbəttə, baba. Bəs sənin ürəyin və ağciyərin var?
Baba çeçədi.
– Açığı, heç bilmirəm. Heç vaxt onları üzbəsurət görməmişəm. Heç rentgen də elətdirməmişəm.
– Bəs sənin mədən var?
– Əlbəttə, var, – söhbətə müdaxilə edən nənə mətbəxdən çığırdı. – Hünərin var onu ac saxla, onda baxarsan mədəsinin davasını necə eləyir! Sənin də ağciyərlərin var. Bağırtın ölünü də oyadar. Üstəlik, çirkli əllərin var. Tez get onları yu! Şam yeməyi hazırdır. Babası, sən də tez süfrə başında otur.
Kirayənişinlər də artıq süfrə arxasına toplaşdığından baba nəvəsindən niyə bayaq belə suallar verməsinin səbəbini öyrənməyə macal tapmadı.
Sakinlər masa arxasında söhbətləşir və müxtəlif zarafatlar edirdilər, bircə Koberman mısmırığını sallamışdı. Siyasətlə başlayan söhbət bir azdan şəhərdə baş verən sirli cinayətlərə keçid aldı.
– Bəs siz üzbəüz küçədə yaşayan miss Larsen barəsində eşitmisiniz? – baba sakinlərə üzünü tutub dedi. – Onu ölmüş vəziyyətdə tapıblar, bədənində də qəribə izlər var imiş… Üzündəsə elə bir ifadə olub ki, Dantenin özü qorxudan büzüşüb qalardı. Bəs hələ o biri qadın, soyadı necəydi – deyəsən, Uaytli. O da ilim-ilim itib, öldüsündən-qaldısından xəbər yoxdur.
– Hə, belə hadisələr tez-tez baş verir, – qarajda mexanik işləyən mister Bris söhbətə müdaxilə elədi. – Hamısı da bu lənətə gəlmiş, heç bir işə yaramayan polisin ucbatından.
– Kim əlavə yemək istəyir? – nənə soruşdu.
Amma hamının başı qətllərə qarışmışdı. Kimsə ötən həftə qonşu küçədə Marion Barsumyanın öldüyünü xatırlatdı. Guya ürəktutmadan keçinmişdi.
– Bəlkə də yox.
– Bəlkə də hə!
– Əşi, başınız xarab olub, nədir?!
– Bəlkə, süfrə arxasında başqa söhbətlər edək?
Amma mövzu daha da qızışdı.
– Kim bilir, – mister Bris söylədi. – Bəlkə, şəhərimizdə vampir peyda olub?!
Mister Koberman yeməyinə ara verdi.
– 1927-ci ildə? Vampir? Əşi, güldürməyin məni, – nənə dilləndi.
– Niyə də yox, – Bris etiraz elədi. – Onu yalnız gümüş gülləylə öldürmək mümkündür, vampirlər gümüşdən qorxurlar, özüm bu haqda haradasa oxumuşam. Dəqiq yadımdadır.
Duqlas gözlərini taxta bıçaq-çəngəllə yemək yeyən və cibində yalnız mis sentlər gəzdirən Kobermana zillədi.
– Əşi, bunların hamısı cəfəngiyatdır, – baba söylədi. – Heç bir vampir-zad mövcud deyil. Bunların hamısı həbsxanaya susayan əclafların əməlləridir.
– İcazənizlə, – mister Koberman ayağa qalxdı. Onun gecə növbəsi gəlib çatmışdı.
Duqlas ertəsi gün mister Kobermanın qayıtdığını gördü. Günorta nənəsi adəti üzrə dükana gedəndə oğlan düz üç dəqiqə Kobermanın qapısı ağzında bağırdı. Ordan səs-səmir gəlmədi; vahiməli sükut adamın qulağını yarırdı. Duqlas mətbəxə qayıdıb açar dəstəsi, gümüş çəngəl və dünən zibil qutusundan çıxardığı üç rəngli şüşə qırıntısını götürdü. Yuxarı qalxıb açarı qapının deşiyinə saldı və burdu. Qapı yavaşca açıldı.
Pərdələr tamamilə örtüldüyündən otaq alaqaranlıq idi. Pijama geyinmiş Koberman sahmansız yataqda uzanmışdı. Nəfəsi rəvan və dərin idi.
– Salam, mister Koberman!
Cavabında kirayənişinin sakit nəfəsini eşitdi.
– Mister Koberman, salam!
Duqlas lap çarpayıya yaxınlaşıb qulaqbatırıcı səslə qışqırdı:
– Mister Koberman!
O heç qımıldanmadı da. Duqlas əyilib gümüş çəngəlin dişlərini yatan adamın üzünə sancdı. Koberman diksinib ağır-ağır zarıdı, amma oyanmadı.
Duqlas mavi şüşə qırıntısını gözünə yaxınlaşdırdı. Dərhal mavi dünyaya düşdü. Mavi mebel, mavi divarlar və tavan, Kobermanın mavi üzü, onun mavi qolları. Birdən… Kobermanın bərələ qalmış gözləri Duqlasa zilləndi; onlarda əcaib, heyvani bir aclıq parlayırdı.
Duqlas geri səndələyib şüşəni gözündən çəkdi. Ancaq indi Kobermanın gözləri yumulu idi. Duqlas şüşə qırıntısını yenidən yaxınlaşdırdı – gözlər açıq görünürdü, uzaqlaşdırdı – yumuluydu. İnanılmazdı. Kobermanın gözləri mavi şüşənin arxasında acgözlüklə işıq saçırdı, şüşəsiz isə bərk-bərk sıxılmış kimi görünürdü.
Bəs hələ Kobermanın bədəni!? Duqlas heyrətdən çığırdı. Kobermanın geyimi şüşənin arxasında sanki əriyir və dərisiylə birgə şəffaflaşırdı. Duqlas onun mədəsini və bütün daxili orqanlarını görürdü. Kobermanın orqanlarının içində qəribə şeylər vardı.
Çarpayının yanında bir neçə dəqiqə donub-qalmış Duqlas mavi, qırmızı, sarı dünyalar barədə düşüncələrə daldı. Yəqin, onlar elə rəngbərəng pəncərədəki şüşələr kimi bir-birinə qonşuluq edirlər. “Müxtəlif şüşə qırıqları, müxtəlif dünyalar”, – deyəsən, Koberman belə deyirdi. Deməli, pəncərə elə bu səbəbdən sındırılıbmış!
– Mister Koberman, oyanın!
Heç bir cavab gəlmədi.
– Mister Koberman, siz gecələr harada işləyirsiniz? Siz harada işləyirsiniz?
Alaqaranlıqda yüngül meh pərdələri tərpətdi.
– Qırmızı, yoxsa yaşıl dünyada, bəlkə, sarıda?..
Qaranlıq otağın sükutu pozulmurdu.
– Hələ bir dayan görüm, – Duqlas söylədi.
O, mətbəxə enib siyirmədəki ən böyük bıçağı çıxardı. Sonra geri dönüb Kobermanın otağına girdi və əlində bıçaq qapını bağladı.
***
Duqlas mətbəxə daxil olub masanın üzərinə nəsə qoyanda nənə kökə xəmiri yoğururdu.
– Nənə, bunun nə olduğunu bilirsən?
O, eynəyinin üzərindən gözucu baxdı.
– Heç ağlıma da gəlmir.
Əşya kiçik qutu kimi düzbucaqlı şəklində idi, ancaq elastik idi. O, parlaq narıncı rəngdəydi. Kənarlarından dörd kvadrat borucuq çıxırdı. Əşyanın qəribə qoxusı vardı.
– Nənə, heç vaxt beləsini görməmisən?
– Heç vaxt.
– Elə belə də bilirdim!
Duqlas qaçaraq mətbəxdən çıxdı. O, beş dəqiqədən sonra nəyisə darta-darta gətirdi.
– Bəs bu?
O, bir tərəfində tünd-qırmızı üçbucaq olan parlaq çəhrayı zənciri göstərdi.
– Başımı hansısa gic-gic zəncirlə qatma, – nənə söylədi.
Duqlas yenidən yoxa çıxdı və əlində qəribə əşyalar geri qayıtdı: üzük, disk, paralelepiped, piramida. Onların hamısı elastik idi. Elə bil jelatindən düzəldilmişdi.
– Hələ bunlar hamısı deyil, – onları bir-bir masanın üzərinə düzən Duqlas söylədi. – Orda hələ çox şey var.
Nənənin başı öz işinə qarışmışdı və ona heç məhəl də qoymurdu.
– Nənə, amma sən səhv etmisən!
– Nədə?
– Bütün insanların içalatının eyni cür olduğunu söyləyəndə.
– Boş-boş danışma!
– Bəs mənim topum hanı?
– Hara tullamısan – orda, dəhlizdə.
Duqlas topu götürüb dəhlizə çıxdı.
Baba evə saat beşə yaxın qayıtdı.
– Baba, bir mənimlə yuxarı gəl.
– Yaxşı, amma deyə bilərsən niyə, balaca?
– Sənə maraqlı bir şey göstərəcəm.
Babası gülə-gülə onun ardınca pilləkənləri qalxdı.
– Bircə nənəmə demə, bu onun xoşuna gəlməyəcək, – Duqlas bunları deyə-deyə Kobermanın otağının qapısını açdı. Baba heyrətdən yerində donub-qaldı.
Sonra baş verənləri Duqlas yaddaşına ömürlük həkk elədi. Polis inspektoru və köməkçiləri uzun müddət Kobermanın çarpayısı qarşısında dayandılar. Nənə aşağıda kimdənsə soruşurdu:
– Nə baş verib?
Baba boğuq səslə söyləyirdi:
– Bu tükürpədici olayı unuda bilməsi üçün uşağı bir müddətlik harasa aparacam. Bu tükürpədici olayı, tükürpədici olayı!..
– Burda tükürpədici nə var ki? – Duqlas soruşdu. – Mən burda qorxulu heç nə görmürəm.
İnspektor çiyinlərini çəkib söylədi:
– Koberman ölüb, hər şey qaydasındadır.
Onun köməkçisi alnındakı təri sildi:
– Bəs siz su ləyənində üzən o şeyləri gördünüz, hələ kağıza bükülənləri demirəm.
– Hə, gördüm, adamın ağlı başından çıxa bilər.
– İlahi!
İnspektor arxasını Kobermanın meyitinə tərəf çevirdi.
– Uşaqlar, yaxşısı budur, dilimizi dinc saxlayaq – bu, qətl deyil. Əslində, uşağın belə eləməsi, sadəcə, xoş təsadüfdür. Yoxsa deməyə də dilim gəlmir, Allah bilir burda nələr baş verəcəkdi.
– Bu Koberman, görəsən, kim olub? Vampir? Bədheybət?
– Allah bilir! Hər halda, insan olmadığı dəqiqdir, – o, meyitin qarnındakı tikişi əllədi.
Duqlas öz əməlindən fəxarət hissi keçirirdi. O, nənəsinin toyuq içalatını çıxardığını dəfələrlə görmüşdü və yadında yaxşıca saxlamışdı. İynə-sap, başqa heç nə lazım deyil. Sonda bu Koberman nənəsinin əvvəlcə içalatlarını çıxardığı, sonra quru çörək doldurub tikdiyi cücələrdən elə də fərqlənmirdi.
– Bütün bunlar qarnından çıxarılanda Koberman hələ sağıydı, hər halda, oğlan belə deyirdi, – inspektor başıyla içində üçbucaqlar, piramidalar və zəncirlər üzən ləyəni göstərdi. – Hələ də sağ idi. İlahi!
– Bəs onun axırına çıxan nədir?
– Bax bunlar, – inspektor barmaqlarıyla tikiş yerlərini araladı. Polislər Kobermanın qarnının gümüş iyirmisentliklərlə dolu olduğunu gördülər.
– Duqlas deyir ki, orda altı dollar yetmiş sent var. Zənnimcə, müdrik kapital qoyuluşudur.

BİR DAMCI SƏBİRSİZLİK
O axşam digərlərindən heç nəylə fərqlənmirdi. Amma məhz həmin may axşamı, ömrünün iyirmi doqquzuncu baharından bir həftə əvvəl Conatan Hyuz lap uzaqlardan – başqa zamandan, başqa dönəmdən, başqa həyatdan gələn taleyiylə qarşılaşdı.
Hərçənd taleyini dərhal tanımadı, halbuki o elə həmin Pensilvaniya vağzalında, həmin qatara mindi və ahıl birisi, demək olar ki, lap qoca simasında Hyuzun qənşərində əyləşdi. Yolları uzun çəkəcəkdi, Lonq-Aylenddən keçib-getməliydilər; yol yoldaşının əlindəki qəzetə ara-sıra nəzər salan Hyuz, nəhayət, dilləndi:
– Cənab, bağışlayın, amma əlinizdəki “Nyu-York tayms” qəzeti mənimkindən fərqlənir. Sizdəki nüsxənin birinci səhifəsindəki şrift nəsə başqa cürdür. Bəlkə, daha sonrakı buraxılışdır?
– Xeyr! – Qocanın dili topuq vurdu, təlaş içində udqundu, sonra özünü ələ alıb dedi: – Hə, bu qəzet çox-çox sonra çıxıb…
Hyuz vaqona nəzər saldı.
– Bir daha üzr istəyirəm, amma başqalarında qəzet eynidir. Bəlkə, sizinki nümunədir, yəni gələcək nömrənin eskizidir?
– Gələcəyin eskizi? – güclə dodaqlarını tərpədən qoca təkrarladı. Onun əynindəki geyimi torba kimi sallanırdı, sanki bir anlıq kökəlib, sonra arıqlayıb çəkisinin yarısını itirmişdi. – Doğrudan da, – pıçıldadı. – Gələcəyin eskizi… İlahi, zarafata bir bax…
Conatan Hyuz yalnız həmin an qəzet sərlövhəsinin altındakı tarixə diqqət yetirdi:
2 may 1999-cu il.
– Bir deyin görüm… – elə ağzını açmaq istəyirdi ki, gözləri səhifənin yuxarı sol küncündəki şəkilsiz xəbərə sataşdı:

QADIN QƏTLƏ YETİRİLİB
POLİS ONUN ƏRİNDƏN ŞÜBHƏLƏNİR

Odlu silahla qətlə yetirilmiş Alisa Hyuzun meyiti aşkarlanıb…
Körpünün üzərindən keçən qatar gumbuldadı. Yaşıl budaqlarını pərakəndə şəkildə ətrafa səpələmiş ağac cərgələri pəncərədən göründüyü kimi də yoxa çıxdı. Qatar sanki dünyada heç nə baş verməyibmiş kimi öz gündəlik axarıyla stansiyaya daxil oldu. Yenidən bərqərar olmuş sükut baxışların istər-istəməz xəbərə dönməsinə rəvac verdi:
“Plendomda, Plendom-avenyu – 112-də yaşayan diplomlu vəkil Conatan Hyuz…”
– İlahi! – o çığırdı. – İtil qarşımdan, itil!..
Amma nəyə görəsə özü ayağa sıçrayıb bir neçə addım geri səndələdi. Qocanınsa, deyəsən, yerindən tərpənmək fikri yox idi. Təkan Hyuzu boş oturacağa itələdi və o, vəhşi baxışlarını pəncərədən görünən yaşıllığa dikdi.
Düşüncələri vəhşilikdə baxışlarından heç də geri qalmırdı. Bu şər qoxulu zarafat kimə gərəkdi? Kim onu incitmək istəyir? Özü də niyə? Təzə evliliyi, sonsuz səadəti və füsunkar arvadını kim ələ salmaq niyyətindəydi? Lənət şeytana! O, əsməcə içində durmadan təkrarladı: “Lənət şeytana! Lənət şeytana!..”
Qatar qəfil buruldu və Hyuzu silkələyib ayağa qalxmağa məcbur elədi. Silkələnib düşüncələrdən ayılaraq, üstəlik, qəzəbindən partlaya-partlaya az qala əlindəki qəzetin içinə girən qocanın üzərinə atıldı. Hyuz əlinin bir hərəkəti ilə qəzeti hirslə kənara çəkib qocanın sümüklü çiyinlərindən yapışdı. Qəfil hücuma hazır olmayan sərnişin başını qaldırdı, onun gözləri yaşarmışdı. Hər ikisi donub-qaldı, vaqon guruldamaqdaydı. Hyuz ruhunun necə boğazına yaxınlaşdığını və bədənini tərk eləməyə hazırlaşdığını duydu.
– Siz kimsiniz?!
Sanki qışqıran o deyil, bir başqasıydı.
Qatar ləngər vura-vura gedirdi, sanki indicə vaqonlar relsdən çıxacaqdı.
Yol yoldaşı düz ürəyinin başına xəncər saplanmış kimi diksindi, əlindəki vizit kartını Hyuzun ovcuna dürtdü və səndələyə-səndələyə tambura[2 - Tambur – sərnişin qatarlarında üstüörtülü meydança] tərəf getdi, ordan da qonşu vaqona keçdi. Conatan Hyuz yumruq təki sıxdığı əlini açdı, vizit kartının o biri üzünə çevirdi və oxuduqları onu oturacağa çökməyə məcbur elədi:

CONATAN HYUZ,
diplomlu auditor
679-4990, Plendom
– Yo-o-xx! Ola bilməz! – yenə də sanki o deyil, başqası bağırdı.
Hyuz düşünürdü: “O mənəm?! İlahi, belə çıxır ki, bu qoca mənəm?..”
Yox, bu, danışılmış bir oyundur, daha doğrusu, oyun zənciri. Kimsə qətllə bağlı cəfəng bir zarafat uydurub, digərisə onu Hyuza çatdırmağın yolunu fikirləşib. Qatar nərildəyə-nərildəyə irəli cummaqdaydı, beş yüz sərnişinsə qəzet, ya kitab arxasında daldalanan bir dəstə sərxoş kontor qulluqçusu kimi yırğalanmaqda davam edirdi. Qoca isə arxasınca iblislər düşübmüş kimi vaqondan vaqona tullanmaqdaydı. Conatan Hyuz ağlını tamamilə itirəndə və qəzəbdən gözləri qan çanağına dönəndə qoca artıq qatarın lap sonuncu vaqonuna gedib çatmışdı.
Onlar yenidən sonuncu, demək olar ki, bomboş vaqonda görüşdülər. Conatan Hyuz qocanın lap yanına gəldi, o isə inadkarcasına gözlərini qaldırmırdı. Bu da azmış kimi, hönkür-hönkür ağlayırdı; məsələni bu şəraitdə həll eləməkdən söhbət belə gedə bilməzdi. “Kimdən ötrü, – Hyuz fikirləşdi, – kimdən ötrü ağlayır? Allah eşqinə, hönkürməyinə ara ver…”
Qoca səssiz əmrə tabe olurmuş kimi qamətini düzəltdi, gözünün yaşını, burnunun suyunu sildi və elə sakit danışmağa başladı ki, Hyuz bilaixtiyar irəliyə doğru daha bir addım atıb eşitdiklərini həzm etməyə çalışdı:
– Biz doğulmuşuq…
– Biz?!
– Biz, – pəncərənin o tayında qatı tüstüyə bənzər qüruba diqqət yetirən qoca təkrarladı, – hə, hə, hər ikimiz min doqquz yüz əllinci ildə Missisipidə, Kuinsi şəhərində anadan olmuşuq…
“Doğrudur”, – Hyuz fikirləşdi.
– Vaşinqton-stritdə, qırx doqquz saylı evdə yaşamışıq, ikinci sinfədək mərkəzi şəhər məktəbində təhsil almışıq, özü də ora İzabel Perriylə gəldik…
“Yenə düz deyir, – Hyuz düşündü, – onun adı İzabel idi”.
– Biz… – qoca mızıldandı.
– Bizim… – qoca pıçıldadı. – Bizi… Bizə…
Qoca elə beləcə də davam elədi.
– Xarrat emalatxanasında təlimatçı mister Bisbi idi. Tarix müəlliməsi – miss Monks. On yaşımızda buz meydançasında sağ ayağımızı sındırmışıq. On bir yaşımızda az qala suda batmışdıq – atamız bizi güc-bəlayla xilas edib. On iki yaşımızda İmpi Consona vurulmuşuq…
“Yeddinci sinif, – Hyuz düşündü, – qəşəng qız idi, heyif ki, vəfat etdi. Ey mərhəmətli Allah!..” – özlüyündə səsləndi.
Daha başqa şeylər də baş verdi. Bir, iki, üç dəqiqə – qoca elə hey danışdı və tədricən cavanlaşdı, yanaqları qızardı, gözləri parıldadı, cavan Hyuz isə, əksinə, xatirələrin yükü altında büzüşdü və soluxdu. Biri danışdı, digəri qulaq asdı – və haradasa monoloqun ortasında onlar, demək olar ki, yaşca bərabərləşdilər, əkiz qardaşa çevrildilər. Hansısa məqamda cavan Hyuza elə gəldi ki, əgər gecənin güzgüyə çevirdiyi pəncərəyə baxmağa cəsarət etsə, orda əkizlər görəcək.
Cəsarət eləmədi. Əkizi isə hekayətinin sonuna doğru qamətini tamamilə düzəltdi, hətta çənəsini azacıq yuxarı qaldırdı, – yəqin, ötənləri yada salmağın, ürəyini boşaltmağın başqa yolu yox idi.
– Keçmiş bax belə olub, – qoca dilləndi.
“Nə onu vurardım… – Hyuz düşündü. – Üstəlik, günahlandırardım. Üstünə çığırardım. Niyə bunlardan birini də olsa eləmirəm?!”
– Çünki… – əkizi dilə gəlməmiş sualı duyubmuş kimi elan elədi, – sən artıq mənim kim olduğumu bilirsən. Çünki mən ikimizə aid olan hər şeyi bilirəm. İndisə gələcəyə nəzər salaq…
– Mənim?
– Bizim, – o cavab verdi.
Conatan Hyuz qarşısındakının yumruğunda sıxdığı qəzetdən gözünü ayırmadan razılıq əlaməti olaraq başını tərpətdi. Oxşarı qəzeti büküb yaxasında gizlətdi.
– Biznesin tədricən iflasa uğrayacaq. Səbəbi isə heç kəsə aydın olmayacaq. Övladın dünyaya gələcək, amma tezliklə öləcək. Məşuqən olacaq, amma onu da əlində saxlaya bilməyəcəksən. Arvadınsa ildən-ilə, günü-gündən səni daha çox qıcıqlandıracaq. Nəhayət, sonda – inan mənə, səni niyə aldadım ki? – elə bir vəziyyətə çatacaqsan ki… heç bilmirəm necə səlis ifadə edim… yəni arvadının mövcudluğu sənin üçün dözülməz olacaq. Deyəsən, pərişan oldun. Yaxşısı budur, susum…
Onlar sakitcə yollarına davam etdilər və yol yoldaşı yenidən qocaldı, Conatan Hyuz isə cavanlaşmadı. Yaşların nisbəti Conatana uyğun görünəndə o, yenə də başının hərəkətiylə qarşısındakına davam eləməsini təklif elədi. Qoca söylədi:
– Bilirəm, eşitdiklərini həzm eləmək o qədər də asan deyil, axı sən bir ildir ki evlisən. Siz həyatınızın ən gözəl ilini yaşamısınız. Bir damcı mürəkkəbin bir bardaq təmiz suyu bulandıra biləcəyinə inanmaq çətindir. Amma bəlkə, elə bu, baş verdi. Nəhayət, təkcə arvadımızı, xəyallarımızın dilbəri olan füsunkar qadınımızı deyil, bütünlükdə ətraf dünyanı dəyişdi…
– Siz… – Conatan Hyuzun dili topuq vurdu, – sən onu öldürdün?
– Biz öldürdük. Hər ikimiz. Amma əgər mən deyən olsa, əgər mən səni fikrindən döndərə bilsəm, onda biz qətlin baş verməsini istəməyəcəyik, o, sağ qalacaq, sənsə qocalığını məndən xoşbəxt vəziyyətdə sürəcəksən. Buna görə dua edirəm. Buna görə hönkürürəm. Hələ vaxt var. Səni silkələyə, xasiyyətini, fikir zəncirini dəyişə bilmək üçün illər adlamışam. İlahi, bircə insanlar qətlin nə olduğuna vara bilsəydilər! Axmaq və faydasız əməl, üstəlik də iyrənc… Lakin ümid sonda ölür. Axı necəsə bura gələ, sənə toxuna bilmişəm – elə bununla da ruhlarımızı xilas etməyə can atan dəyişikliyə başlamışam. İndisə diqqətlə qulaq as. Səninlə mənim əcaib may axşamının bu saatında, bu qatarda görüşməyə müvəffəq olan eyni adam, müxtəlif dönəmlərin əkizləri olduğunu etiraf edirsənmi?
Yolları illərin qarmaqarışıqlığından təmizləyən lokomotiv fit verdi. Cavan Hyuz zorla başını tərpətdi, amma qocaya elə bu da bəs edirdi.
– Mən qaçmışam, – o, bəyan elədi. – Sənin yanına qaçmışam. Təfərrüata vara bilmərəm. O, bircə gün idi ki, ölmüşdü, mənsə dözə bilmədim. Hara cəhənnəm olum? Gizlənməyə yer yoxdu, əlac yalnız Zamana idi. Harada ki vəkillər və ittihamçılar, hakimlər, andlılar, üstəlik, düz-əməlli şahidlər belə yoxdu – yəni səni hesaba almasam. Yalnız sən əllərimin qanını yuya bilərsən, anladın? Belə çıxır ki, məni sən cəzb eləmisən. Sənin cavanlığın, günahsızlığın, xoşbəxtliyin, heç nəylə qaralmamış həyatın – məni zaman yolunun əvvəlinə yollayan o qüvvənin həqiqi təbiəti bunlardır. Mənim ruhi sağlamlığım bütünlüklə səndən asılıdır. Üz çevirsən, İlahi, bunu ağlıma belə gətirmək istəmirəm, mən batdım – yox, hər ikimiz batdıq. Səninlə eyni qəbri bölüşəcək və özümüzdən sonra ömürlük pis xatirə buraxacağıq. Nə etməli olduğunu sənə söyləyim?
Bələdçinin səsini eşidən cavan Hyuz ayağa sıçradı:
– Plendoma çatırıq. Plendom!..
Onlar platformaya düşdülər – qoca arxada qaçırdı, gözü qarşısını görməyən cavansa gah divara, gah da adamlara dəyirdi, əl-ayağı sözünə qulaq asmırdı, elə bil indicə qopub düşəcəkdi.
– Dayan! – qoca yalvarırdı. – Yalvarıram, dayan!
Cavansa sanki heç nə eşitmirmiş kimi qaçmaqda davam edirdi.
– Axı niyə başa düşmək istəmirsən, buna hər ikimiz ilişmişik! Hər ikimiz!!! Sənin mənə çevrilməməyin, mənimsə bu cür ağlasığmaz şəkildə sənə çatmağa cəhd etməməyim üçün hər şeyi ikilikdə düşünüb-daşınmalı, həlli ikilikdə tapmalıyıq. Hə, bilirəm, bilirəm ki, bu, dəlilikdir, psixozdur, amma yenə də mənə qulaq as! Qulaq as!..
Cavan Hyuz platformanın lap qurtaracağında dayandı, burda sərnişinləri qarşılamağa gələnlər öz maşınlarını saxlayırdılar. Şən sədalar, təmkinli salamlaşmalar, qısa fit səsləri, mühərrikin uğultusu və uzaqda gözdən itən işıqlar bir-birinə qarışmışdı. Qoca cavanın dirsəyindən tutdu.
– Aman Allah, arvadın, daha doğrusu, arvadımız bir dəqiqədən sonra burda olacaq! Mənsə sənə o qədər şey danışmalıyam ki, axı bildiklərimi necəsə çatdırmalıyam – bütöv bir naməlum iyirmi ilin hər saatını səninlə bölüşmək istərdim! Eşidirsən? İlahi, hələ də mənə inanmırsan?!.
Conatan Hyuz ətrafa boylandı, – elə həmin an ona yetərincə tanış olan maşın onlara tərəf yaxınlaşırdı, – və soruşdu:
– Əlli səkkizinci ilin yayında nənəmin evinin çardağında nə baş vermişdi? Bu barədə məndən savayı bir kimsə bilmir. De görüm!
Qoca dartındı, rəvan nəfəs aldı, sonra sanki suflyoru dinləyirmiş kimi söylədi:
– Orda iki gün sərasər gizlənmişik və heç kəs bizim harada olduğumuzu bilməyib. Hamı bizim, sadəcə, evdən qaçdığımızı, göldə, ya çayda boğulduğumuzu düşünüb. Bizsə yuxarıda gizlənib acı göz yaşları axıdır, özümüzə yazığımız gəlir, heç kəsə lazım olmadığımızı düşünür, küləyin uğultusuna qulaq kəsilir və ölməyi arzulayırdıq…
Cavan qəfil çevrilib gözlərini qırpmadan qocaya zilləndi və gözləri yaşardı.
– Deməli, məni sevirsən?
– Buna şübhən belə olmasın, – qoca söylədi. – Axı sənin də məndən savayı bir kimsən yoxdur…
Maşın stansiyaya yaxınlaşdı. Sükan arxasındakı qadın şüşənin arxasında gülümsəyərək əl yellədi.
– Vaxt azdır, tez qərara gəl, – qoca əmr elədi. – İcazə ver səninlə gəlim; müşahidə edə, öyrədə və lazım gələndə qulağına pıçıldaya, nəyin nə vaxt kəlləmayallaq getdiyini aydınlaşdıra, nə qədər ki gec deyil nəyisə düzəldə və bəlkə də, bəxtiyar həyatını uzada bilməyim üçün icazə ver…
Maşın uğultuyla dayandı, qadın başını pəncərədən çıxarıb səsləndi:
– Əzizim, axşamın xeyir!
Conatan Hyuz bir anlıq hər şeyi unudub maşına, səadətinə doğru qaçdı.
– Sevgilim, salam… Bağışla, bir saniyə…
Birdən ayılıb, platformanın bir küncündə büzüşüb durmuş qocaya nəzər saldı. Yol yoldaşı qaşlarını çatdı:
– Nəsə unutmusan?
Araya qısa bir sükut çökdü və nəhayət:
– Səni, – Conatan Hyuz cavab verdi. – Səni unutmuşdum!..
Maşın gecənin qaranlığında çevrə cızdı və hər üçü bərk silkələndi.
– Adınız nə oldu? – qarşısındakı mənzərədən, yoldan və maşının səsindən bir dəqiqəlik yayınan qadın soruşdu.
– O özünü sənə təqdim eləmədi? Bağışla, – Conatan Hyuz tələsik söylədi.
– Ueldon, – qoca gözlərini döyə-döyə söylədi.
– Doğrudan? – Alisa Hyuz təəccübləndi. – Bu ki mənim qızlıq soyadımdır!
Qoca buraxdığı səhvdən karıxdı, amma tezliklə özünü ələ aldı.
– Nə danışırsınız? – cavab verdi. – Necə də maraqlı təsadüfdür!
– Bəlkə, biz qohumuq? Siz harada…
– O, Kuinsidə müəllimim olub, – cavan Hyuz yenə söhbətə müdaxilə etməyə tələsdi.
– Elə müəllimi olaraq da qalıram, – qoca əlavə elədi. – Hə, eləcə də qalıram…
Onlar evə çatdılar. Qoca Hyuz ətrafda gördüklərindən heç cür gözünü çəkə bilmirdi. Şam süfrəsində, demək olar ki, heç nəyə əl uzatmadı, yalnız işi-gücü masanın o biri başında əyləşmiş gözəl xanımı izləmək oldu. Cavan Hyuz da rahatlıq tapa bilmir, həddən ziyadə hündürdən danışır və həmçinin, demək olar ki, yemirdi. Qocasa elə hey Alisaya zillənirdi. O, qadının ağzına elə baxırdı ki, elə bil ordan dürr tökülürdü. Gözlərinə elə nəzər yetirirdi ki, sanki orda dünyanın bütün müdriklikləri sığınacaq tapıb, o isə bunu ilk dəfə duyur. Üzünün ifadəsi sanki onun bura hansı şəraitdə və nə üçün gəldiyini belə xatırlamadığına işarə edirdi.
– Nədir, çənəmdə sızanaq çıxıb? – Alisa Hyuzun səbri tükəndi. – Niyə hər ikiniz mənə zillənmisiniz?
Qocanın qəfil hönkürtüsü qadını sarsıtdı. Sanki bu hönkürtünün sonu olmayacaqdı; Alisa, nəhayət, masanın ətrafında dövrə vurub onun çiyinlərindən tutdu.
– Bağışlayın, – qoca hıçqırdı. – Sadəcə, siz elə qəşəngsiniz ki! Narahat olmayan, oturun. Məni bağışlayın…
Desert yeyildikdən sonra Conatan Hyuz çəngəli nümayişkaranə şəkildə bir kənara qoyub, ağzını salfetlə silib ucadan səsləndi:
– Şam yeməyinə söz ola bilməz! Əzizim, səni sevirəm!
O, qadının yanağından öpüb bir anlıq fikrə daldı, sonra yenidən, bu dəfə dodaqlarından öpdü.
– Görürsünüz, – qocaya müraciətlə dilləndi, – arvadımı çox sevirəm…
Qoca başını yırğaladı və dalğın halda söylədi:
– Hə, hə, əlbəttə, xatırlayıram…
– Nəyi xatırlayırsınız? – Alisa təəccüblə soruşdu.
– Sağlıq demək istəyirəm! – arvadının diqqətini yayındırmağa çalışan Conatan Hyuz təntənəylə söylədi. – Füsunkar qadınımın, xoşbəxt gələcəyimizin şərəfinə!
Alisa qəhqəhəylə öz qədəhini qaldırdı. Sonra ətrafına göz gəzdirib soruşdu:
– Mister Ueldon, bəs siz niyə içmirsiniz?..
Qoca qonaq otağının kandarında əcaib şəkildə donub-qalmışdı. Bir az düşüncələrə dalıb cavana müraciət elədi:
– Ardımca gəl. – O, gözlərini yumub qətiyyətlə otaq boyu gəzişdi. – Burda tənbəki çubuqlarının kolleksiyası var, burdasa kitablar. Yuxarıdakı üçüncü rəfdə də – Herbert Uellsin “Zaman maşını”. Bu arada o kitabın məzmunu lap hazırkı vəziyyəti tamamlayır. Burdasa sevimli kürsüm, elə indicə orda oturacam…
O, həqiqətən də, oturub gözlərini açdı. Conatan Hyuz qapının ağzında soruşdu:
– Daha ağlamayacaqsan ki?
– Yox. Onsuz da göz yaşları bir şeyə yaramır.
Mətbəxdən yuyulan qab-qaşığın, bir də qadının zümzüməsinin səsi gəldi. Kişilər səs gələn tərəfə çevrildilər.
– İnana bilmirəm, – Conatan Hyuz həyəcanla pıçıldadı, – günlərin birində ona nifrət edəcəyimə inana bilmirəm! Nə vaxtsa onu öldürmək istəyəcəm?!
– Ağlına heç cür sığışdıra bilmirsən, hə? Düz bir saat onu müşahidə elədim və bir dənə də olsun qüsur tapa bilmədim. Bir dənə də! Heç olmasa, bir uğursuz kəlmə, ya da intonasiya. Bəlkə, yançaqlarını əsdirərdi, ya saçlarını qarışdırardı. Heç nə! Sonra səni müşahidə edə-edə içimi yedim: bəlkə, onun dəyişməsində günahkar elə bizik?!.
– Bəs sonra?
Cavan özünə və qonağa heres[3 - Heres – İspaniyanın Əndəlis vilayətinin Heres şəhərində ağ üzümdən hazırlanan spirtli içki; şərab növü] süzdü, qədəhlərdən birini qocaya uzatdı.
– Çox içirsən, – qoca cavab verdi, – sonrası elə budur.
Conatan Hyuz qədəhi dodaqlarına yaxınlaşdırmadan aşağı endirdi.
– Daha nə?
– Yəqin, gündəlik istifadə edə bilməyin üçün sənə yaddaş dəftərçəsi düzəltməli olacam. Qoca psixin cavan axmağa məsləhətləri…
– Məsləhətlərinin hamısını yaddaşıma həkk edəcəm.
– Yaddaşına həkk edəcəksən? Nə qədər müddətə? Bir ay, bir il? Sonda unudacaqsan, yer üzündə hər şeyin unudulduğu kimi. Həyat isə öz axarıyla gedəcək. Zaman keçdikcə… mənə çevrilməyə başlayacaqsan. Alisa da tədricən aqibətinə layiq varlığa… Heç olmasa, tez-tez onu sevdiyini de!
– Mütləq. Hər gün!
– Söz ver! Bunu hər gün etməyin çox mühümdür. Bəlkə, mənim səhvim elə buna əməl etməməyimdi. Bizim səhvimiz. İstisnasız hər gün! – Qoca qabağa əyildi, sifəti alışıb-yanırdı, o, dəli kimi elə hey təkrarladı: – Hər gün! Hər gün!..
Qapının ağzında azacıq təlaşlanmış Alisa peyda oldu.
– Burda nəsə baş verib?
– Yox, yox, – Conatan Hyuz gülümsündü. – Sadəcə, mübahisə edirik. Sənin hansımızın daha çox xoşuna gəldiyinə heç cür qərar verə bilmirik.
Qadın gülə-gülə mətbəxə qayıtdı.
– Zənnimcə… – cavan Hyuz dilləndi. Dili dolaşdı, göz qapaqlarını bir-birinə sıxdı, amma yenə də özünü məcbur elədi. – Zənnimcə, getmək zamanın gəldi.
– Hə, getmək vaxtıdır, – qoca cavab verdi, amma yerindən tərpənmədi. Səsində yorğunluq, zəiflik, kədər duyuldu. – Burda otura-otura uduzduğumu anladım. Münasibətlərinizdə nə bir yanlışlıq, nə də bir qüsur tapa bildim; anladım ki, heç bir şey məsləhət görə bilməyəcəm. Aman Allah, necə də axmaq vəziyyətdir… Səni axtarmaq, narahat eləmək, kefinə soğan doğramaq, həyatının məcrasını pozmaq nəyə lazım idi ki?! Axı sənə dolaşıq məsləhət və mənasız giley-güzardan savayı nə verə bilərəm ki?! Hələ bir dəqiqə əvvəl düşünürdüm: elə bu gün onu qətlə yetirəcəm, günahı öz üzərimə götürəcəm, sənsə öz cavan həyatına davam edəcəksən. Axmaq fikirdir, hə? Üstəlik, əlimdən nə gələrdi ki? Axı bu, çoxdan hamıya məlum olan ziddiyyətdir. Onu həyata keçirə bilsəydim belə, zamanın axarı, Yeri, bütünlükdə Kainatı hara gizlətmək olardı ki?.. Təlaşlanma, mənə də elə baxma. Qətl olmayacaq. Daha doğrusu, o artıq olub – gələcəkdə, iyirmi il sonra. Əlindən heç bir şey gəlməyən və sənə zərrə qədər də olsun fayda verə bilməyən qoca indi bu evi tərk edib küçəyə çıxacaq, öz taleyinin, öz divanəliyinin görüşünə gedəcək. – O, ayağa qalxdı və yenə gözlərini yumdu. – Görək qaranlıqda evimin çıxışını tapa biləcəyimmi?..
Cavan onun ardınca gedib paltar şkafını açdı, palto çıxarıb ehmalca qocanın çiyinlərinə atdı və söylədi:
– Lakin sən yenə də kömək elədin. Ona hər gün sevdiyimi söyləməyi beynimə yeritdin.
– Heç olmasa, bunu edə bildim… – Onlar qapıya yaxınlaşdılar və qoca qəfildən soruşdu: – Səncə, ümid eləməyinə dəyər?..
– Dəyər. Onun ölməməsinin qayğısına qalacam! – Conatan Hyuz cavab verdi.
– Yaxşı! Sənə inanmaq istərdim… – Qoca əlini uzadıb qeyri-ixtiyari çıxış qapısının dəstəyindən yapışdı. – Onunla vidalaşmaq istəmirəm. Onun gül çöhrəsinə tamaşa eləməyə gücüm yoxdur. Qoca eşşəyin evinizi tərk elədiyini söylə. Hara? Sən ki bilirsən – həyat yoluyla irəli, orda səni gözləyəcəm. Gec-tez peyda olacaqsan.
– Sənə çevrilmək üçün? Heç vaxt! – cavan Hyuz çığırdı.
– Bax elə indicə dediklərini dayanmadan ürəyində təkrarla. İlahi, sən özün günahımdan keç! Bunu götür… – Qoca ciblərini eşələyib əzilmiş qəzetə bükülmüş balaca bir əşya çıxardı. – Yaxşısı budur, səndə qalsın. Hətta səninlə görüşümüzdən sonra belə özümə etibar eləmirəm. Mən daha qorxunc şeylərə əl ata bilərəm. Al, götür… – Qoca az qala zorla əşyanı cavanın əlinə dürtdü. – Hələlik. Allah özü sənə yar olsun! Əlvida…
O, gecənin qaranlığında gözdən itdi. Xəfif yel ağacları əsdirirdi. Uzaqdan stansiyaya girdiyi və ya çıxdığı anlaşılmayan qatarın gurultusu eşidildi.
Conatan Hyuz uzun müddət artırmada dayanıb gözlərini qıydı, kiminsə gerçəkdən uzaqlaşdığına əmin olmaq istədi.
– Əzizim! – arvadı çağırdı.
O, qocanın qoyub getdiyi bağlamanı açmağa başladı. Arvadı lap yaxınlaşsa da, səsi qaranlıq küçədə uzaqlaşan addımlar təki boğuq çıxdı. Amma o, yenə də eşitdiklərini aydınlaşdıra bildi:
– Qapının ağzında heykəl kimi dayanma, içəri yel çəkir…
O, qəzeti açdı və donub-qaldı: əlində balaca bir tapança vardı. Qatarın lap uzaqdan gələn fit səsi küləyin uğultusunda əridi.
– Qapını örtəcəksən, ya yox? – Alisa deyindi.
Conatanın içindən qəribə bir ürpəşmə keçdi və o, qorxudan büzüşdü. Qadının səsində… azca ərköyünlük, bir damcı da olsa səbirsizlik duyulmurdu ki?!
Hyuz səs gələn tərəfə çevrildi. Tələsmədi, amma hər halda, tarazlığını itirdi. Qapını çiyniylə itələdi və elə həmin an külək də sanki ona yardımçı olurmuş kimi qapını şappıltıyla çırpdı.

TABUTÇU
Mister Benedikt balaca evindən çıxıb günəş şəfəqlərinə bürünmüş artırmada dayandı. Balaca bir küçük düz yanından ürkək-ürkək ötüb-keçdi. İtin elə ağıllı gözləri var idi ki, mister Benedikt onlara baxmağa cürət eləmədi. Elə bu zaman qəbiristanlığın dəmir darvazaları ağzında, kilsənin yanında bir oğlan uşağı peyda oldu; mister Benedikt uşağın adamı dəlib keçən maraq dolu baxışları altında səksəndi.
– Siz qəbirqazansınız? – oğlan soruşdu.
Mister Benedikt irişə-irişə susmağa üstünlük verdi.
– Bu sizin kilsənizdir? – oğlan soruşdu.
– Bəli, – mister Benedikt cavab verdi.
– Bütöv qəbiristanlıq da?
Mister Benedikt sıxıla-sıxıla başını tərpətdi.
– Bütün başdaşılar, qəbirlər və çiçəklər də?
– Hə, – mister Benedikt gizli fəxarət hissiylə qeyd elədi.
Həqiqətən də, bunların hamısı ona, yalnız ona aid idi. Maraqlı hekayətdir! Uzun illər boyu ağır əmək və yuxusuz gecələr tələb edən biznes, nəhayət ki, ona uğur bəxş eləmişdi. Hər şey isə mister Benediktin kilsə həyətini almasından başladı. Burda balaca bir kilsədən və baptist[4 - Baptist (yun. xaç suyuna salma) – xristianlığın bir qolu; baptistlərə görə, yeni doğulmuş körpənin xaç suyuna salınması düzgün deyil, bunu yalnız yetkin insan öz arzusu ilə həyata keçirməlidir.] cəmiyyəti şəhərciyi tərk edəndən sonra yosun basmış bir neçə qəbirdən savayı heç nə yox idi. Sonra o, yaraşıqlı və xudmani bir meyitxana tikdi, – əlbəttə ki, qotik üslubda, – və ətrafında sarmaşıq əkdi. Bununla da kifayətlənməyib arxa tərəfdə özünə ev tikdi. Beləcə, şəhər sakinləri öz mərhumlarını mister Benediktə etibar eləməyə başladılar. “Dəfn mərasimi sadələşdirildi! – səhər qəzetindəki elanda belə deyilirdi. – Kilsədən birbaşa torpağa… Yağ kimi asandır! Ən davamlı materialdan istifadə olunur!”
Oğlanın baxışlarından əzilməkdə davam edən mister Benedikt küləyə tuş gələn şam işığı kimi əsdi; elə müdafiəsiz, elə səmimi idi ki… Canlı olan hər şey onu təəssüf hissi keçirməyə və bədbinliyə qapılmağa məcbur edirdi. Mister Benedikt həmişə insanlarla razılaşır, heç vaxt etiraz etmir, “yox” demirdi. Kimliyinizdən asılı olmayaraq küçədə təsadüfən mister Benediktlə rastlaşsanız, o öz balaca, əcaib gözlərini burnunuza, qulağınıza, ya da saç ayrımınıza zilləyəcək, amma heç bir halda gözlərinizə baxmayacaq; sonra da buz kimi əlləriylə sanki qiymətli bir şeyə toxunurmuş kimi qolunuzu sığallaya-sığallaya elə hey təkrarlayacaq:
– Siz tamamilə, şəksiz, sözsüz ki, haqlısınız…
Hər dəfəsində də mister Benediktlə ünsiyyət qurarkən onun bir sözünüzü belə eşitmədiyinə əmin olacaqsınız…
İndinin özündə də oğlanın maraq dolu baxışları altında büzüşərək elə hey təkrarlayırdı: “Sən əla uşaqsan…” Oğlanın xoşuna gəlməyəcəyindən elə qorxurdu ki…
Mister Benedikt, nəhayət, pilləkənlərlə aşağı düşüb doqqazdan çıxdı. Bu dəfə sevimli meyitxanasına nəzər salmadı, bu həzzi sonraya saxladı. Hərəkətlərin düzgün ardıcıllığına riayət eləmək çox mühümdür. Onun mahir əllərinin toxunuşunu gözləyən ölüləri fikirləşmək hələ tezdir. Mister Benedikt yazılmamış qanunlara şərtsiz əməl edirdi.
O özünü azğınlaşmış həddə necə çatdırmağı yaxşı bilirdi. Günortayadək balaca şəhərciyin küçələrini dolaşar, canlı sakinlərin öz üstünlükləriylə onu əzməsinə imkan yaradardı; öz çarəsizliyinə qapılar, onun içində əriyər, sonra coşmuş hislərinə su çiləyər, amma ürəyiylə beyni heç səngiməzdi.
Bu dəfə əczaçı mister Rocerslə söhbət eləmək üçün ayaq saxladı; və bütün təhqiramiz tərzini, istehzasını, saymazyanalığını içində boğdu. Mister Rocers isə, həmişəki kimi, mürdəşiri sancmağa fürsət axtarırdı.
– Ha-ha-ha, – alçalmış vəziyyətdə qalan mister Benedikt hirsindən ağlamaq əvəzinə qəhqəhə çəkərdi.
– Elə siz özünüz də ölüləriniz kimi soyuqsunuz! – mister Rocers təkrarladı.
– Ha-ha-ha!..
Əczaxanadan çıxan mister Benedikt bu dəfə də podratçı mister Stayvezandla rastlaşdı. Bu dəfə həmsöhbəti tez-tez saatına nəzər salır və bununla da əlverişli müştərisinin yanına tələsdiyini, mister Benediktlə ünsiyyətini qısa edəcəyini göstərirdi.
– Benedikt, işlər necə gedir? Əlavə qazancdan xali olmadığınıza mərc gələ bilərəm – fərq eləməz, dişlər, ya dırnaqlar! Onlar sizə qalır, elə deyilmi? Düz tapdım, hə?
– Ha-ha-ha… Mister Stayvezand, sizdə işlər necə gedir?
– Benni, bir deyin görüm, niyə əlləriniz belə soyuqdur? Adamın əti ürpəşir! Nədir, hansısa frigid[5 - Frigid – cinsi təmasdan qorxan, kişiləri yaxına buraxmayan qadın] arvadı yumusunuz? Söylədiklərimi eşidirsinizmi? – mister Stayvezand onun çiynindən şappıldada-şappıldada çığırdı.
– Yaxşı görək! – mister Benedikt müəmmalı, istehzalı təbəssümlə mızıldandı. – Salamat qalın!
Görüş görüşü əvəzlədi… Hər dəfəsində bir-birindən ağır həqarətləri şillə kimi yeyən mister Benedikt istehzaların dərin sulara qərq olduğu gölə bənzəyirdi. Ona atılan çınqıllar nə bir ləpə əmələ gətirər, nə də şappıltı salardı, bu zaman işə daşlar, kərpiclər, hətta qaya parçaları düşərdi! Fərq eləməz, elə bil gölün heç dibi yox idi – nə bir damcı, nə bir çöküntü. Göl təmkinini pozmurdu.
İnadkarcasına ev-ev, küçə-küçə gəzən mister Benedikt hər görüşdən sonra daha çox qıcıqlanır, çarəsizliyinə qapılır və yetkin, mazoxist zövqünə görə özünə nifrət edirdi. Hərçənd qarşıda gözlənilən gecə həzzi onun ayaqda qalmasına rəvac verirdi. Yalnız buna görə o, kütbeyin, özündənrazı heyvanların lağlağısına dözür, üstəlik, qayğıyla əllərini sıxır, görkəmiylə onları iltifata çağırırdı.
– Ah, xoş gördük, qəssab! – çərəz dükanının sahibi mister Flincer çığırdı. – Səndə qaxac ət və duza qoyulmuş beyin neçəyədir?
Çarəsizliyi hədd tanımırdı. Mister Benedikt bu sonuncu təhqir zərbəsindən sonra saatına nəzər saldı və başılovlu geriyə, evə qaçdı. O, zirvəyə çatıb, artıq işə hazırdır, özündən məmnundur. Məşəqqətli öhdəliklər sona yetdi, indi onu kef gözləyirdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/rey-bredberi/hekay-l-r-68289355/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Akkompaniator – hər hansı musiqi alətində solo ifanın müşayiətçisi

2
Tambur – sərnişin qatarlarında üstüörtülü meydança

3
Heres – İspaniyanın Əndəlis vilayətinin Heres şəhərində ağ üzümdən hazırlanan spirtli içki; şərab növü

4
Baptist (yun. xaç suyuna salma) – xristianlığın bir qolu; baptistlərə görə, yeni doğulmuş körpənin xaç suyuna salınması düzgün deyil, bunu yalnız yetkin insan öz arzusu ilə həyata keçirməlidir.

5
Frigid – cinsi təmasdan qorxan, kişiləri yaxına buraxmayan qadın
Hekayələr Рэй Дуглас Брэдбери

Рэй Дуглас Брэдбери

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Рэй Дуглас Брэдбери на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв