Hekayələr
İsmayıl Şıxlı
Hekayə ustaları
Kitabda "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam" kimi romanların müəllifi, xalq yazıçısı İsmayıl Şıxlının müxtəlif illərdə qələmə aldığı hekayələri və yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edən əfsanə və rəvayətləri toplanmışdır.
Bu hekayə, əfsanə və rəvayətlərin hər birinin arxasında dərin fəlsəfə durur. Elə bir həyat fəlsəfəsi ki, hər bir kəsin taleyindən keçir.
Yazıçı müşahidələrinin məhsulu olan bu əsərlər həyat reallıqlarını, insan psixologiyasını əks etdirir. Bunlar özünün dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.
İsmayıl Şıxlı
Seçmə hekayələr
HEKAYƏLƏR
QARA AT
Arabanın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkənlərin içində orağın ağzından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi. Onların üstü ilə qıvrım qabığından yarıya qədər çıxan qara, qoşabuynuzlu ilbizlər sürünürdü.
Arabanın içinə tara qədər ot döşəmişdilər. Kəndimizin ağsaqqalları oturub ayaqlarını uzatmışdılar. Şəhərə gedirdilər. Hərənin bir işi, özünə əcrə dərdi-azarı vardı. Mən də dərsə tələsirdim. Texnikumda oxuyurdum.
Söhbət dünənki seçkidən gedirdi. Keçən axşam kəndimizdə böyük iclas olmuşdu. Rayondan da adamlar gəlmişdilər. Onların fikri köhnə sədri saxlamaq idi. İclasdan əvvəl ağsaqqalları dilə tutub deyirdilər ki, "katib özü də dəyişikliyin tərəfi deyil. Təzə adam seçib nə qazanacaqsınız?"
İclas gecəyarıyacan davam etdi. Çox danışdılar. Ancaq camaat sözündən dönmədi. İşgüzar briqadirlərdən birini, Aydınoğlunu sədr seçdilər.
Arabadakıların içində Mədəd kişi də vardı. O, ayaqlarını rahatca uzadıb qəlyanını tüstülədirdi. Danışılan lara qulaq asdıqdan sonra yeni sədri tərifləməyə başladı:
– Adam gərək özününkünün qədrini bilsin. Elindən, obasından irəli çıxana arxa dursun, ona kömək eləsin. Amma biz bir-birimizin ayağından çəkirik, istəyirik ki, qabağa gedənimiz tez yıxılsın. Adamlar yaman korlanıblar. Üzdə bir söz danışırlar, dalda başqa. Bilmirsən dostun kimdir, düşmənin kim? Yadlara yaltaqlanırıq, özümüzünkülərə isə meydan oxuyuruq. Ona görə də başımızdan basırlar. İndi gərək biz elliklə Aydınoğluna arxa duraq, işinə kömək eləyək. Belə olsa, kolxozumuz qabağa gedər, kəndimizin adı dillərə düşər. Aydınoğlu qoçaqdır. Diribaşdır. Mən onu lap uşaqlıqdan tanıyıram. Rəhmətlik atası da diribaş idi. Biz qardaş kimi idik. Onu öz balam kimi istəyirəm. Elə sizə də deyirəm, gərək əl-ələ verək, qoymayaq onun başından bir tük əskik olsun.
Mən diqqətlə ona qulaq asırdım. Ürəyimdə deyirdim ki, "Aydınoğlunun bəxti gətirib. Onu bu qədər sevən adam var. Mədəd kişi kimilər, deyəsən, ona dayaq olacaqlar. Görəsən, kəndimizdə Aydınoğlunu Mədəd kişi qədər istəyən varmı?"
Araba torpaq yoldan çıxdı. Şəhərin yaxınlığında daş yola düşdü. Təkərlər qıcırdadı. Biz titrətməli kimi silkələndik. Şəhərin girəcəyindəki körpüyə yaxınlaşdıq. Birdən Mədəd kişi arabanın içində dikəldi. Yolun kənarı ilə piyada gedən təzə sədri səslədi:
– A bala, niyə piyada gedirsən, qara atı niyə minmirsən?
Aydınoğlu dinmədi. Çiyinlərini çəkib uzaqlaşdı. Mədəd kişi qəlyanını sümürüb yerini rahatladı:
– Çox həyalı cavandır, gördünüzmü, pul kimi qızardı. Amma atı nahaq minmir.
Mən o atı görmüşdüm. Qara at hündür, ayaqları səkil bir atdı. Tövlədə ayrıca saxlayırdılar. Teli ipək kimi yumşaq idi, əl dəyməmiş tökülərdi. Onu tövlədən çıxaranda camaat tamaşasına durardı. Yüyənini iki adam güclə saxlayardı. Oktyabr, ya da May bayramında kəndin dəliqanlıları cıdıra çıxanda qara atı ötən olmazdı. Əvvəllər bu atı əsl sahibi Əmirxan kişi minərdi. O da atı kimi hündür, zəhmli bir kişi idi. Sonra atı kolxoza verdilər…
Axşam dərsdən evə qayıdarkən mənim bəxtim yenə gətirdi. Səkkiz kilometr yolu piyada gedəsi olmadım. Torpaq yola çıxan kimi arabaya rast gəldim. Səhərki təki, arxada, cağdan yapışıb oturdum. Ayaqlarımı salladım. Hava qaralmışdı. Göyün üzündəki tutqunluq daha da güclənmiş, çiskin çoxalmışdı. Qarşıdakı kənd evlərində təkəmseyrək işıq yanırdı. Arabadakılar, deyəsən, yorulmuşdular. Dinmirdilər. Təkcə Mədəd kişinin qəlyanı közərirdi.
Arxadan səs eşidildi. Azacıq sonra çiskin içərisindən çıxan qara at yanımızdan güllə kimi ötdü. Dırnaqların-dan qopan palçıq ətrafa səpələndi, bir-ikisi arabaya düşdü, deyəsən, Mədəd kişinin üzünə yapışdı. O sancılanmış kimi qıvrılıb dikəldi. Yəhərdə çəpəki oturmuş Aydınoğlunun kürəyinə, qara atın düyünlənmiş quyruğuna baxdı. Qəlyanını ağzından çıxarıb əlini hirslə dizinə çırpdı:
– Sən dünyanın işinə bax, gör nə tezcə havalandı!
1970
ÇİSKİN
O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qaba – ğına çəkdi. Qalın yun şalı kəmər yerinə qədər dartıb dizlərini möhkəm bürüdü. Otağa qaranlıq çöksə də, işığı yandırmadı. Gözünü pəncərəyə zillədi. Pəncərənin nəfəsliyi açıq idi. Çisələyirdi. Arxa tərəfdəki qırmızı işıqlar yaş yollarda közərirdi. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcləyirdi. Onların yeknəsəq tappıltısı qarşıdakı bağçanın xəzəl xışıltılarına qarışıb otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü.
Qoca gözünü pəncərə şüşələrinə qonmuş çisəkdən çəkmirdi. O, narın su zərrələrinin birləşərək gilələndiyini və bu damlaların süzülüb şüşədə zolaq-zolaq izlər buraxdığını müşahidə etməkdən son vaxtlar doymurdu. Elə bil ki, bağçadakı ağacların yarpaqlarını yuyub-təmizləyən çiskinli yağışın asta şırıltısı onu sakitləşdirirdi. Qoca belə hallarda saatlarla oturub az qala pəncərədən içəri dolan yarpaqların ucunda gilələnmiş damlalara, onun yuyub-təmizlədiyi zolaqlara, qırov kimi hər yerə qonmuş ağımsov su zərrələrinə baxdıqca bədənində bir sərinlik, əsəblərində insanı mürgülədən bir sakitlik duyurdu.
O yorulmuşdu. Əlli ildən çox ali məktəblərdə mühazirə oxuyan, elmi konfranslar, müzakirələr keçirən, cild-cild əsərlərin müəllifi bu qoca alim axır illər guşənişin olmuşdu. Bədəninin giziltiləri artmış, ayaqları hərəkətdən qalmışdı. O hiss etmişdi ki, daha əvvəlki maraqla dərs deyə bilmir. Tez-tez dayanıb nəfəsini dərir, adəti xilafına, mühazirə zamanı stul çəkib oturmalı olur. Onun dərsi getdikcə maraqsızlaşırdı. "Hər şeyin məqamını bilmək, ölçü hissini itirməmək ən böyük qabiliyyətdir. Vaxtında səhnədən getməyi bacarmaq, xatirələrdə çağlayan şəlalə kimi yaşamaq hünər istəyir". Bu sözləri professor dəfələrlə təkrar etmiş, sürünənlərlə barışmadığını hamıya bildirmişdi. Bəs indi? Bəs özü?
O, ərizə verdi. Təqaüdə çıxdı. İlk aylar onun yanına məsləhətə gələnlər, göstəriş alanlar çox oldu. Ancaq tədricən astanadakı ayaq səsləri, telefon zəngləri azaldı, gedib-gələnlər seyrəldi, bir ildən sonra isə tamam kəsildi. Balacalıqdan övladı kimi yanında saxladığı bacınəvəsi də onu tərk etdi. Qoca tək qaldı. İlk anlar o buna sevindi. Tam sakitlik içində oturub kitabları qabağına tökdü, gecə-gündüz yazıb-pozdu, elə bildi ki, bu məşğələ onu usandırmayacaq, kitablar onu yormayacaq. Bir-iki ay da keçdi. Qoca dəhşətlə hiss etdi ki, bunlar hamısı təsəllidir. Yalqızlıq onu sıxır, evə, qəlbinə getdikcə ağır bir kədər qonur. Fikrini dağıtmaq üçün tez-tez həyətdəki bağçaya endi, əsasına söykənə-söykənə dəniz kənarına yollandı, bir küncdə oturub saatlarla ləpələrə tamaşa etdi. Bu da çox sürmədi. Ayaq larının sızıltısı artdı, yeriməyi çətinləşdi, nəhayət, evdən bayıra çıxmağa ehtiyat etdi…
Evdəki əşyalar – tavana qədər ucalan kitab rəfləri, küncdəki iri yazı stolu, döşəməni başdan-başa bürüyən naxışlı qədim çilçıraq qaranlığa qarışıb əriyirdi. Arabir maşınların işığı pəncərədə parıldayır, gah divarın bir hissəsində, gah tavanda, gah da kitab rəflərində sürünüb ötürdü. Bu işıq zolaqları bəzən qocanın sifətində sarımtıl iz buraxırdı. Onun oturuşundan, alnındakı qırışların sıxlaşmasından, gözlərinin uzaq məsafə və zaman arxasında nə isə axtarırmış kimi sakit və dalğın dayanmasından hiss olunurdu ki, yorulmuşdur, səksən ildən artıq ömür sürən bu ixtiyar alim qəlbən, ruhən sakitlik və dinclik arayır.
Qoca azacıq tərpəndi. Əlini uzadıb yanındakı yemək stolunun üstündən qatıq qabını götürdü. İndi yadına düşdü ki, nahar eləməyib. Əslinə baxsan son zamanlar qatıqdan başqa bir şey yemirdi. Həkimlərin məsləhəti belə idi: səhər qatıq, günorta qatıq, yatmazdan əvvəl yenə qatıq.
Kreslonu geri çəkdi. Titrək əllərini stolun üstündə gəzdirdi. Nə isə xışıltı ilə yerə səpələndi. Qoca kreslodan qalxdı. Əlini dizinə söykəyib azacıq əyildi. Gəbənin üstünə dağılmış kağızları yığışdırdı və birdən xatırladı ki, onun əlindəkilər puldur. Qat-qat, qalaq-qalaq pullar yerə səpələnmişdi. Qolları yanına düşdü. Taqətsiz halda kresloya çökdü. Xışmaladığı pulları stolun üstünə atdı. Onun dodaqlarında qürurqarışıq acı və istehzalı bir təbəssüm oynadı. Sifətini təəssüfü xatırladan, lakin peşmançılıqdan çox dünyanın qəribə işlərinə meydan oxuyan bir ifadə bürüdü.
Düz bir saat əvvəl, qaranlıq qarışmazdan xeyli qabaq, ona pul gətirmişdilər. Külli miqdarda, gözləmədiyi halda. Ona demişdilər ki, sizin haradasa, haçansa kitabınız çap olunub. Böyük tirajla. Əsərin adını da dedilər, özünü də göstərdilər. Professor kitabı götürüb laqeydcəsinə baxdı. Pullara toxunmadı. O bu əsəri çoxdan yazmışdı, lap çoxdan. Az qala müəllifliyini belə unutmuşdu.
Yağış yenə çisələyirdi. Təkərlər şırıldayırdı.
Qapı tərəfdəki iri kəfkirli böyük saat danqıldadı. Dalğa-dalğa otağa yayılan bu səs qocanı diksindirdi. O nə isə xatırlayıb cəld kreslodan durdu. Pəncərəyə yaxınlaşıb ön taxtaya dirsəkləndi. Boynunu irəli uzadıb bağçaya boylandı. Düz bir həftə idi ki, bir cüt gənc, qaranlıq qarışan kimi, qocanın pəncərəsi önündəki bağçaya gələr, divar tərəfə çəkilib ağacların kölgəsindəki balaca skamyada oturar, baş-başa verib gecədən xeyli keçənə qədər astadan pıçıldaşardılar. Qocanın gecə vaxtı alaqaranlıq kölgəliklərə çəkilib qucaqlaşan gənclərdən xoşu gəlməzdi. Onların gah xısıltılı gülüşləri, gah da həyasız səslərini eşidəndə pəncərəni örtüb otağın dərinliklərinə çəkilərdi. Ancaq bu uşaqlardan xoşu gəlirdi. Onlar sakitcə gələr, sakitcə oturar, gecədən xeyli keçəndən sonra sakitcə də durub gedərdilər. Onların ayaqlarının altındakı yarpaqların xışıltısı eşidilməz olduqdan sonra qoca rahatca yerinə uzanardı. Ancaq bu gün narahat idi. Yağışdan, çisəkdən qorxurdu. Aradan altmış il keçməsinə baxmayaraq yağış, çiskin onu yaman qorxudurdu…
O, Kazan Universitetində oxuyurdu. Fəlsəfə ilə maraqlanırdı, hərdənbir şeir də yazırdı. Eşitmişdi ki, qədim yunan yazıçılarından biri öz əsərlərini yazanda ucqar bir mağaraya çəkilərmiş. Roma natiqləri çıxış etməzdən əvvəl dəniz kənarına gələr, bütün gecə səhərə qədər üzünü sulara tutub öz-özünə danışar, sonsuz dənizi insan dəryası, hirsli ləpələri isə natiqin sehri ilə çalxalanan izdiham sanarmış. Onlara oxşamağa çalışırdı. Dərsdən sonra, ya da imtahanqabağı yoldaşlarından ayrılır, təkliyə, xəlvətə çəkilirdi. Volqanın sahilinə qaçıb gözdən uzaq bir yer tapırdı. Oxuyurdu, danışırdı, uca bir yerə çıxıb sinəsini qabardır, üzünü axar sulara tutub şeir oxuyur, qədim natiqlərin nitqlərindən latınca parçalar söyləyirdi. O, hamını sehrləmək, boğuq-boğuq fit verən gəmilərin səsini batırmaq, çarxlarını dayandırmaq, göyərtədəki adamların diqqətini cəlb etmək, onlara öz nitqini söyləmək istəyirdi. O istəyirdi ki, hamı – sahildəki izdiham da, çay kənarına görüşə gələnlər də, uzaq səfərə hazırlaşanlar da, sahilə yan alan gəmiləri körpüdə qarşılayanlar da onu dinləsinlər, ona qulaq assınlar. Bəzən göyərtədən sahilə əl edirdilər, şlyapalar havada yellənirdi. Ona elə gəlirdi ki, səsi gəmidəkilərə çatıb, dinləyicilər onu alqışlayırlar. Daha da coşurdu, əl-qol atırdı. Ancaq bir dəfə…
Qız boynunu büküb altdan-yuxarı ona baxırdı. Sarı saçını ortadan ayırıb iri hörük hörmüşdü. Əynində uzun boynunu və qollarını örtən, yaxası işləməli gimnaziya paltarı vardı. Müşəmbəli ağ önlüyünün qatı sınmamışdı. Uzunboğaz, dikdaban çəkmələrinin qaytanı çarpazlarda səliqə ilə çarpazlanmışdı. Qız kitablarını sinəsinə sıxmışdı. Oğlan özünü itirdi. Əli havada qaldı, gözü qızda. Bilmədi sözünü bitirsin, yoxsa yarıda kəssin. Qız gülümsündü. Əlindəki çiçəyi qayanın üstündə heykəl kimi dayanan oğlana atdı. Qaça-qaça uzaqlaşdı. Haradasa, qayanın o tərəfində qızlar gülüşdü…
Bir həftə görünmədi. Utandığından o tərəflərdə hərlənmədi. Ancaq yarı canı Volqanın sahilində qaldı. Gecələr gözünə yuxu getmədi. Yataqxana yoldaşları sakitləşəndən sonra yerində çöyrükdü, gözünü tavana zillədi, pəncərədən boylandı. Hara baxdısa, sarışın qız gözünün önündə dayandı, boynunu əyib altdan-yuxarı ona baxdı, gülümsündü, əlindəki çiçəyi yuxarı, qayanın üstünə atdı. Görəsən, doğrudanmı, qızın onun şeir oxumasından xoşu gəlmişdi? Yoxsa öz gözəl nitqi ilə dünyanı əsir etmək istəyən gənci elə ilk addımdan adi bir qız ələ salırdı? Bəlkə, bu bir həqiqət idi? Bəlkə, qız, doğrudan da, onun nitqinə aşiq olmuşdu? Bəlkə, bunların hamısı boş xəyal, qəlbində yeni hislər yaranan bir gəncin təxəyyülündə baş qaldıran arzular, istəklər uydurması idi? Bəlkə, bəlkə…
O dözmədi. Cəsarətini topladı, ürkə-ürkə, ehtiyatla, ətrafına boylana-boylana sahilə getdi. Dikdirə çıxanda gözlərinə inanmadı. Qız dizlərini qucaqlayıb oturmuşdu. Baxışlarını axar sulara zilləmişdi.
Heç nə soruşmadılar. Qız onun qızarmış qulaqlarına baxdı, o da qızın bədənini kip tutan donunun titrəyən sinəsinə. Gülümsədilər. Köhnə tanışlar kimi əl verdilər. Adlarını dedilər:
– Ləbibə.
– Daniyal.
Əl-ələ tutub üzüaşağı, sahilə qədər qaçdılar. Oğlana elə gəldi ki, bu saat hər yeri ayaqyalın keçə bilər, qızı qolları üstünə alıb geniş Volqanın ləpələri ilə addımlayar, istəsə, lap səmada qapaqlanmış ağ bulud laylarının qoynuna qalxıb sonsuzluqlara qədər baş alıb gedər. O istəyirdi ki, çayyuxarı üzən gəmilər dayansın, lap sahilə yan alıb onların önündə dursun, onları göyərtəyə, sonra da bərli-bəzəkli kayuta dəvət etsinlər. Birlikdə aylarla Volqaboyu yol getsinlər, gecələr göyərtənin arxa tərəfində məhəccərə söykənib qoşa dayansınlar, pərlərin köpükləndirdiyi sulara, ləpələrin qoynunda yırğalanan aya, suların sinəsində uzanan işıq zolaqlarının gümüşü pullarına tamaşa etsinlər. Sahildə mürgüləyən meşələrə, kəndlərə, yaşıl çəmənlərə baxmaqdan doymasınlar. Deyəsən, qız da eyni halı keçirirdi. Balaca, zərif əllərini oğlanın əlindən çəkmirdi…
Qoca pəncərədən bir az geri çəkildi, görünməsindən ehtiyat etdi. Qız gəlmişdi. Ağacın kölgəsində dayanaraq narahatlıqla ətrafa boylanırdı. Tez-tez qolundakı saatına baxırdı. Həyəcanlanmışdı. Narın damlalar yenə də yeknəsəqliklə şırıldayırdı. Oğlan gecikirdi. Qız gah ağacların kölgəsində daldalanır, gah da aşkara çıxıb yollara boylanırdı. Bəlkə, getmək istəyirdi? Qoca az qala pəncərədən əyilib qızın qolundan yapışmaq, onu oğlan gələnə qədər saxlamaq: "Getmə, gözlə, bəlkə, səbəbi var? Sevən adam görüşə səbəbsiz gecikməz, bunu bilirsinizmi, ay qızlar?" – deyə pıçıldamaq istədi. Axı o da altmış il bundan qabaq belə bir çiskinli havada görüşə gecikmişdi!..
Onun pulu yox idi. Sevdiyi qızı bir yana aparmaq, ona bir hədiyyə almaq, nəyəsə qonaq etmək bir yana dursun, görüş yerinə getmək üçün konkaya minməyə belə pulu yox idi, beş-on qəpiyin əlində əsir qalmışdı. Çox vurnuxmuş, ümidi gələn yoldaşlarından borc istəmiş, verən olmamışdı. Bəlkə, onların da pulu yox idi? Tələbələrin cibinin boş anları azmı olur?! O, piyada getmək, qaçaqaça özünü qıza yetirmək, küçələri kəsəsinə addımlayıb konkalardan, faytonlardan sürətlə gedib Ləbibənin yanında olmağı arzulasa da, başa düşmüşdü ki, gecikib.
Yağış çisələyirdi. Daş döşəməli küçələr islanmışdı. Novçalardan axan sular şırıldayırdı. Daniyal darıxdı, ağzı üstə çarpayıya yıxılıb yastığı didişdirdi…
Birdən otaqda ayaq səsləri eşidildi. Addımlar yaxınlaşdı və onun çiyninə toxundular. Çevrilib başı üstündə dayanan tələbə yoldaşına baxdı. Bu onların sinfində oxuyan ən sakit, ən kasıb və ən qaradinməz tələbə idi. O, eynəyinin altından sakitcə baxırdı. Bu baxışlar o qədər qayğıkeş, ürəkaçıqlığı və canıyananlıqla dolu idi ki, Daniyal susa bilmədi. Ondan kömək almaq üçün yox, yüngülləşmək, ürəyini boşaltmaq üçün dərdini açdı. Eynəkli oğlan gülümsündü, əlini cibinə salıb üç manat çıxardı. Sakitcə yoldaşına uzatdı. Daniyal əvvəlcə tərpənmədi, mat-mat yoldaşına baxdı və birdən pulu qapıb bayıra cumdu, pillələri üç-üç, beş-beş atılıb küçəyə çıxdı. Dayanacaqdan uzaqlaşan konkanın arxasınca yetib ayaqlığa atıldı. Arxada dayanmadı, məsafəni qısaldacaqmış kimi adamları yara-yara qabağa keçdi, konkanın dayanacağa çatmasını gözləyə bilmədi, dözümsüzlük edib yerə atıldı, qaça-qaça özünü görüş yerinə yetirdi.
Ləbibə getməmişdi. Yağışın altında gözləmişdi. Dani-yal sevindi, əlini uzadıb görüşmək istədi. Qızın soyuq baxışı onu tərpənməyə qoymadı. Dayandılar. Dinmədilər. Birdən Ləbibə dabanı üstə fırlanıb geri döndü. Daniyalın çağırışını eşitmədi, onun dediklərinə qulaq asmadı. Çiskinli havada, köhnə şəhərin dar küçələrində, döngələrdən birində görünməz oldu, əbədi yoxa çıxdı…
Qız bir də saata baxdı. Qoca onun getməsini görmək, gecikmiş oğlanın həyəcanlarının şahidi olmamaq üçün pəncərədən geri çəkildi. Qatıq qabını götürüb qaşıqladı. Ancaq səbri çatmadı. Əyilib oğruncasına pəncərədən boylandı. Birdən onun sifəti işıqlandı. Oğlan gəlmişdi. Həmişəki kimi divar tərəfdə, pəncərənin altındakı balaca skamyada, ağacların ala-qaranlıq kölgəsində durmuşdular. Çisələyirdi. Damlalar irilənib yarpaqlardan süzülürdü. Onlar yağışdan qorunmaq üçün sıx yarpaqların altına çəkilmək istədilər. Quru yer tapmadılar. Ayaqlarının altındakı yarpaqlar xışıldadı. İri damlalar xəzəldə tappıldadı, ancaq onlar getmədilər. Küncə qısılıb plaşı başlarına saldılar. Damlalar plaşı döyəclədi.
Qoca bədəninin giziltisini unudaraq pəncərəni azacıq araladı. Çiskinli havada, islaq yarpaqların arasından uzaq ulduzlar kimi tutqun görünən işıqlara baxdı. Sakitcə nəfəs alıb kresloda oturdu, şalı dizlərinə çəkdi…
Maşınların təkərləri yaş yollarda şırıldayırdı. Çiskinli yağışın narın səpələntisi ağacların yarpaqlarında yeknəsəqliklə səslənirdi. Pəncərənin nəfəsliyindən içəri nəmli hava dolurdu. Bayırda xəzan yarpaqları, içəridə isə stolun üstünə və döşəməyə səpələnmiş pullar xışıldayırdı.
1970
ƏMİOĞLU
Düz bir həftə idi ki, rayon maarif şöbəsi ilə baş mühasib Şeydayevin idarəsi arasında ayaq döyməkdən yorulmuşdum. Ancaq hələ də tələbnaməni yoxlatdıra bilməmişdim. Hesabdar hər gün sayğacı şaqqıldadıb bir səhv tapır, tələbnaməni təzədən köçürtdürür, mən yenidən növbəyə dayanır, gah fasiləyə düşür, gah da hesabdarı baş mühasib yanına çağırtdırdığından ləngiyir, beləliklə, iş günü qurtarır və mən sabahı gözləməli olurdum. Sözün düzü, direktorun əvəzinə zəhmət haqqı almağa gəldiyimə peşman olmuşdum. Əslində, mən bu bəhanə ilə rayon mərkəzindən azca aralı olan evimizə dəymək və ata-anamla görüşmək istəyirdim. İşlədiyim kənd uzaq olduğundan və yolun pisliyindən oralara maşın gəlmirdi. Rayon mərkəzinə getmək üçün cığırlarla dərələr aşıb çaylar keçmək və qırx beş kilometrlik yolu addımlamaq lazım idi. Mən elə bilirdim ki, rayona çatan kimi pulu alacam, bir gün evimizdə qaldıqdan sonra qayıdıb müəllimlərin zəhmət haqqını vaxtında özlərinə çatdıracam.
Səhər tezdən qapını kəsdirib növbədə onuncu adam oldum. Bu gün hər şeyi qurtarıb pul alacağıma əmin idim. Ancaq hesabdar yenə bir şey tapıb məni geri qaytardı. Acığımdan tələbnaməni atıb küçəyə çıxdım. Şəhərdə qalmağa yerim də yox idi. Mehmanxana müdirinə yalvarmaqdan da üzümün suyu tökülmüşdü. Sabah da istirahət günü idi. Yox, yaxşısı budur, geri qayıdım. Qoy direktor özü gəlsin, müəllimlərin gözü yoldadır, axı onların ailəsi var, pul lazımdır!
– Xoş gördük, İslam, niyə burda durursan?
– Maaş almağa gəlmişəm.
– Mən də. Bəs nəyi gözləyirsən?
– Heç. Papiros çəkmək üçün çıxmışam.
Doğrusu, başıma gələnləri ona demək istəmədim. Hər halda, özümü sındırmamağa çalışdım. Camal gülə-gülə məndən aralandı. Mən onun tünd mürəkkəbi rəngli drap paltosunun əyninə necə kip yatdığına baxdım. Bu palto onsuz da qıvraq olan Camalı bir az da çevik göstərirdi.
Aradan on beş dəqiqə keçməmiş yanımdan güllə kimi ötdü. Elə bil sümüyü çırtlayırdı.
– Hara qaçırsan?
– Banka.
– Dayan görüm.
O, ayaq saxladı. Təəccübümü gizlədə bilmədim:
– Tələbnaməni yoxlatdın?
– Nə tələbnamə? – deyə gülümsündü və əlindəki kağızı mənə göstərdi. – Çek də yazdırmışam. Bəs sən banka getmirsən?
– Yox, – deyə köksümü ötürdüm, – rəhmətliyin oğlu, kefdən danışırsan, heç hesabdarın torundan çıxa bilirəm ki?
– Dayan, dayan, – o, qolumdan yapışıb məni bir az da kənara çəkdi. – Əmioğlunu görübsən?
– Əmioğlu kimdir?
– Şeydayev.
– Yox.
– Onda yarım ay buradasan.
Camal əlini əlinə vurub qəhqəhə çəkdi. Onun incə dişləri parıldadı, xırdaca gözləri oynadı. Onsuz da saz olan kefi lap duruldu. Mənə elə gəldi ki, qonşu məktəbin direktoru Camal təcrübəsiz yoldaşını ələ salır və özünün üstünlüyündən həzz alır. Kəndə qayıdan kimi mənim burada boynumu büküb necə dayandığımı müəllimlərə danışacaq, əlini əlinə vurub indiki kimi şaqqanaq çəkəcək. Amma gözlədiyimin əksinə, Camal qolumdan tutub məni idarədən bir az da araladı və saatına baxdı.
– Get, bu saat yarım litr araq al. – Mən diksindim. İnstitutu qurtarmağımıza baxmayaraq, hələ də dilimə içki dəyməmişdi. Camal bic-bic güldü. – Tənəffüsə çıxan kimi Şeydayevə ver, sonrası ilə işin olmasın.
– Nə danışırsan, elə şey olar?
– Olar, olar. Bura bax, qız kimi niyə qızardın? Sənə nə deyirəm, ona qulaq as. Özü də baş mühasibə yaxınlaşanda "yoldaş Şeydayev" zad demə. Bircə kəlmə "Əmioğlu" de, eşitdinmi? Di sağ ol, mən getdim, gecikirəm.
Camal qırğı kimi sıçrayıb küçəni keçdi və azacıq sonra gözdən itdi. Hiss etdim ki, qulaqlarım güyüldəyir, bədənimi od və tər basır.
Küçənin hər iki tərəfindən balaca arx axırdı. Altı və yanları sementlə suvanmış bu dördkünc arxın suyu yeknəsəqliklə şırıldayırdı. Papirosumu sümürüb kötüyünü arxa atdım. Papiros bir müddət suyun üzündə qaldı. Qıjoy və təmiz su onu ora-bura çırpa-çırpa ağzına alıb apardı və lilli burulğana saldı. Papiros yox oldu, azacıq sonra isə saralmış və islanmış halda bir az aşağıdan üzə çıxdı. Şübhəsiz, lillənib bata da bilərdi.
Küçənin o üzündəki dükana yaxınlaşdım. Oğurluğa gedən adam kimi əvvəlcə ətrafıma boylandım, qorxa-qorxa içəri girdim. Ömrümdə ilk dəfə içki aldım. Tələsik paltomun qoltuq cibində gizlətdim və ayağım dolaşa-dolaşa qapıdan çıxdım. Mənə elə gəldi ki, hamı gözünü zilləyib baxır, bu saat qışqırıb güləcəklər.
Şəhərin kənarındakı hamamın nazik və bir az da boğuq çıxan fit səsi nahar fasiləsinin çatdığını bütün rayon idarələrində işləyənlərə xəbər verdi. Mən yol kəsməyə hazırlaşan cani kimi döngədə gizləndim. Ancaq canilərdən fərqli olaraq qorxa-qorxa, ürkək baxışlarla boylana-boylana. Şeydayevin tələsik gəldiyini gördüm.
İrəli çıxmaq əvəzinə geri çəkildim. Daldada gizləndim. Hiss etdim ki, ürəyimin döyüntüsü boynumun damarında çırpınır. Dəsmal çıxarıb tərimi sildim və elə bu vəziyyətdə də baş mühasiblə qarşılaşdım. Şeydayev diksinib geri çəkildi, üzümə təəccüblə baxıb qaş-qabağını tökdü:
– Ay yoldaş, fasilə vaxtı adamın qabağını küçədə kəsməzlər, qanacağın olsun, bura idarədir?
Hülqumum bir neçə dəfə qalxıb-endi, dodağım titrədi, öz səsimdən özüm ürkdüm.
– Əmioğlu…
Şeydayev dayandı. Elə bil kişinin üzündəki maskanı çıxarıb təzəsini taxdılar. Özü də, dodaqları da, gözü də güldü. Sinəmi sıxan ağırlıq yox oldu, sinədolusu nəfəs aldım. İlk addım atılmışdı. Ancaq sonra nə etmək lazım gəldiyini müəyyənləşdirə bilmədiyimdən susurdum.
Şeydayev əvvəlcə üzümə, sonra isə paltomun şişmiş sinəsinə baxdı. Elə bu an haradansa əsən külək, xoşbəxtlikdən paltomun yaxasını açdı. Araq şüşəsinin ucu göründü. Şeydayev təklif gözləmədən əlini uzadıb cibimdən şüşəni çıxartdı. Tələsik qoynunda gizlətdi.
– Lap yerinə düşdü, əmioğlu, deyəsən, hal əhlisən. Gedək bizə, əla pitimiz var.
– Çox sağ olun, toxam.
– Yaxşı, məni gözlə. Qayıdan kimi birbaş yanıma gəl.
– Bəs hesabdar?
Şeydayev gülümsündü. O aralanandan sonra uzaq yol yorğunu kimi süst düşdüyümü hiss edib bir daşın üstündə oturdum.
Fasilədən sonra baş mühasib iki dəqiqənin içində tələbnaməni yoxladı, lazımi düzəlişlər edib qol çəkdi, çek yazdı. Mən sevincək ayağa durdum, qapıya doğru qaçdım, ancaq birdən dayanıb geri döndüm. Eşitmişdim ki, çox vaxt bankda pul olmur, ya da müdir qəsdən gələnləri əliboş geri qaytarır və deyir ki, get üç gündən, ya da bir həftədən sonra gəl. Bəzən bu get-gəl o qədər uzanır ki, çekin vaxtı qurtarır və adamlar yenidən baş mühasibin yanına gəlməli və təzədən çek yazdırmalı olurlar.
Şeydayev, deyəsən, ürəyimdən keçənləri duydu. Gözlərini qıyıb gülümsündü:
– Çeki mənə ver.
Verdim. Baş mühasib çeki əlinə alıb kənarındakı işarəni göstərdi.
– Bunu görürsənmi?
– Görürəm.
– Bilirsən bu nə deməkdir?
Çiyinlərimi çəkdim.
– Bu o deməkdir ki, sən əmioğlumsan, səni ləngitmək olmaz. Ancaq xərci var.
– Nə qədər?
– Bir palazqulaq yüzlük.
…Elə həmin gün evimizə belə dəymədən pay-piyada yola düşdüm. Axşama özümü kəndə çatdırıb müəllimlərin pulunu payladım.
Aradan bir ay keçdi. Direktor məni yanına çağırdı.
– İslam, maaş dalınca getmək istəmirsən?
– Yox, əmioğlu, bu dəfə özün getsən yaxşıdır.
1973
CƏRİMƏ
Səhər tezdən qapıları döyüb gülə-gülə qəzet paylayan oğlan bu dəfə Arifi şübhə və təəccüblə süzdü. Jurnalı və qəzeti verdikdən sonra əlindəki dəftərçəni irəli uzadıb: "Qol çəkin", – dedi və ağzıbağlı zərfi ona verib uzaqlaşdı. Arif qapının arasından süzülən işığın qılınc kimi kəskin zolağında aydın görünən zərfi açdı. Hərflər ekrana düşmüş rəqəmlər kimi aydınlaşıb böyüdü. "Bu gün, 1949-cu il mart ayının 15-də, səhər saat onda məhkəmə icraçısının yanında olmalısınız. Əks-təqdirdə inzibati tədbir görüləcəkdir". Kağızı bir neçə dəfə o üz-bu üzə çevirib yazıları təkrar-təkrar oxusa da, bir şey başa düşə bilmədi. Mətbəxdə xörək bişirən ev sahibəsinin şübhəsini artırmamaq üçün tələsik otağa keçdi. Bütün planları pozulub fikri alt-üst oldu. O bu gün evdən çıxmamağı, axşamacan, lap elə gecəyarıyacan oturub sabahkı imtahana hazırlaşmağı qərara almışdı. Fikrindən dönmək istəmədi. Stəkandakı yarımçıq çayını içdi. Köynəyini əyninə keçirdi. Kitabı qabağına çəkib kağız-qələm götürdü. Ancaq beş dəqiqə keçməmiş hiss etdi ki, gözü kitabın sətirlərində olsa da, fikri məhkəmədədir. "Əks-təqdirdə inzibati tədbir görüləcək". "Axı mənim məhkəmədə nə işim var?" Əlacı kəsildi. Paltarını tələm-tələsik geyinib bayıra çıxdı.
Havanın soyuqluğundanmı, yoxsa həyəcanlandığındanmı, nədənsə üşürgələndi. Pencəyinin yaxasını düymələyib sürətini artırdı. Son günlər haralarda olduğunu, kimlərlə oturub-durduğunu bir-bir yadına saldı. Kitabxanalardan başqa heç yerə getməmişdi. Tramvaydan gedə-gedə atlanmamışdı. Küçə hərəkəti qaydalarını pozmamış, restorana getməmişdi. Danışmaqla da arası uşaqlıqdan yox idi. Bəs onda günahı nəydi?
Məktubda yazılan ünvanı tapdı. Qaranlıq dəhlizdən keçib lazım olan otağın qapısı ağzında dayandı. İçəri girməzdən əvvəl üst-başını yoxladı. Əlini daraqlayıb saçını bir neçə dəfə geri itələdi. Hərəkətlərinə sərtlik və cəsarət verib qapını açdı:
– Olar?
İri yazı masasının arxasında oturub toz basmış qovluqları araşdıran kişi başını qaldırmadan gözünün altından sərt-sərt Arifə baxdı.
– Qapını açandan sonra icazə istəməzlər.
– Məni siz özünüz çağırmısınız.
Əlindəki kağızı irəli uzatdı. Kişi qovluqları kənara itələyib qolu ilə masanın üstündəki şüşənin tozunu sildi və qələmi mürəkkəbə batırıb nəyəsə qol çəkəcəkmiş kimi hazır dayandı.
– Verin görüm.
Arif çağırış vərəqəsini verdi. O heç nə soruşmadan kağızı aldı. Qovluqlardan birini götürüb saralmış vərəqləri xeyli çevirdi. Axtardığını tapdıqdan sonra əlindəki göndərişi qovluğa yapışdırdı. Qələmi bu dəfə qırmızı mürəkkəbə batırıb solaxayı qeydlər etdi və yenə başını qaldırmadan dilləndi:
– Yüz manat verməlisiniz.
– Nə üçün?
– Şahidlikdən imtina etdiyinizə görə məhkəmənin qərarı ilə cərimə olunmusunuz.
– Nə şahidlik?
– Bilmirəm. Zəhmət olmasa, qol çəkin və cəriməni ödəyin.
Arif indi onun sifətindəki dənəbir çopurları, qonur gözlərindəki sakit, ancaq amiranə baxışlarını, öz qələbəsinə əmin olan bir adama məxsus istehzalı təbəssüm oynayan dodaqlarını və papiros tüstüsündən şabalıdı rəngə çalan bığlarını aydın gördü. Kişi Arifin özünü itirdiyindən elə bil həzz alırdı.
– Heç bir qəpik də verməyəcəm!
– Verəcəksiniz!
– Cinayətin üstünü basdırdığınız yetmir, hələ bir şahidi də cəzalandırırsınız?
– Yoldaş, bu təhqirə görə daha ağır cəza ala bilərsiniz, dediklərinizə məsul olun!
Arif daha nəsə demək istədi. Bir-iki dəfə hülqumu qalxıb-endi. Kişi isə sakitcə dayanıb gözünü ondan çəkmədi.
– Cəriməni verəcəksinizmi?
– Dedim ki, yox!
İcraçı kağızları yenidən qovluğa qoydu. Sakitcə nə isə yazdı və Arifin üzünə gülümsündü:
– Xoş gəldiniz, cavan oğlan, gedə bilərsiniz.
Onun bu sakit və istehzalı sözləri Arifi daha da əsəbiləşdirdi. Qapını çırpıb bayıra çıxdı.
Onun bayaqdan üşürgələnən bədəni od tutub yanırdı. Deyəsən, qızarıb-pörtmüşdü. Yoxsa qarşısından ötənlər ona elə təəccüblə baxmazdılar. Dəsmalını çıxarıb üzünü, boynunu sildi. Yaxasını açdı. Özü də hiss etmədən gəlib sahilə çıxdı. Dəniz tərəfdən əsən külək, ləpələrin şırıltısı, lövbər atıb dayanmış gəmilərdən gələn musiqi sədaları Arifi yavaş-yavaş özünə gətirdi. Elə bil onun bədəni soyudu. Əlini cibinə atdı. Papirosu olsaydı, ciyərlərini körük kimi qabardıb tüstü ilə doldurardı. Skamyaların birində oturdu. Qonşu skamyada oturan oğlandan qızın yanında papiros istəməyə üzü gəlmədi.
Arifin elə uşaqlıqdan adamın üzünə durub şikayət etməkdən xoşu gəlməzdi. Yoldaşlarından biri ona toxunsa, müəllimə xəbər verməz, özü başa salmağa çalışardı. Elə böyüyəndə də bu xasiyyətini tərgitməmişdi. Amma bu dəfə məcbur olmuşdu. Əslinə baxsan aspirant yoldaşının dilinin bəlasına düşmüşdü. Əli onu da, özünü də işə salmışdı.
Kinodan çıxmışdılar. Gördükləri film haqqında mübahisə edə-edə izdihamlı küçə ilə irəliləyirdilər. Adam əlindən tərpənmək olmurdu. Həm may ayının ilıq nəfəsi insanları küçələrə səpələmişdi, həm də axşam növbəsində oxuyanlar dərslərini qurtarmışdılar. Keçiddə ayaq saxladılar. Maşınlar dayandığından tələbələr qatarlaşıb o biri səkiyə addımlayırdılar. Birdən uşaqların arasına çaxnaşma düşdü. Kimsə qışqırdı. Təkər qıcırtısından tük ürpəşdi. Adamlar özünə gəlməmiş qara rəngli köhnə bir "ZİM" maşını güllə kimi ötüb tini buruldu və qaranlıq döngədə gözdən itdi. Ancaq onun arxasında görünən işıq və "55-55" nömrəsi Arifin gözündən yayınmadı.
Uşaqlar küçənin ortasına uzanmış qızı qaldırmaq istədilər. Mümkün olmadı. Onu qolları üstünə alıb kənara çəkdilər. Kimdisə telefon budkasına yüyürdü. Azacıq keçməmiş "təcili yardım" gəldi. Huşsuz qızı yoldaşlarının müşayiəti ilə xəstəxanaya apardılar. Qız yola salındıqdan sonra özlərinə gələn tələbələr maşını əldən buraxdıqlarına heyifsiləndilər, harada olsa onu tapacaqlarına and içdilər. Maşının nömrəsini onlar da yadda saxlamışdılar…
Bütün gecəni narahat yatan Arif ertəsi gün instituta tez gəldi. Axşam maşının vurduğu qızdan bir xəbər tutmaq məqsədilə komsomol komitəsinə getdi. Arif içəri girən kimi Əli sözünə ara verib: "İkimiz də bir yerdəydik. Hər şey gözümüzün qabağında oldu", – deyə sözünü yekunlaşdırdı. Arif Əlinin dediklərini təsdiq etdi. Söhbət qurtarandan xeyli sonra otaqda oturub deyilənlərə qulaq asan bir oğlan Əliyə yaxınlaşdı:
– Zəhmət olmasa, bunu oxuyub qol çəkin.
Əli rəsmi vərəqədə yazılanları ötəri gözdən keçirib təəccüblə soruşdu:
– Siz kimsiniz?
Oğlan qalstukunu düzəltdi. Dəri qovluğu qoltuğuna daha möhkəm sıxıb özünü təqdim etdi:
– Mən müstəntiqəm. Hər bir vətəndaş canilərlə mübarizə aparmaqda rəsmi təşkilatlara kömək etməlidir. Bir də bu mənim ilk istintaq işimdir. Yenicə fəaliyyətə başlayan müstəntiqə kömək etməkdən boyun qaçırmayın.
– Mənim vaxtım yoxdur.
– Cinayət məcəlləsinin…
– Filan maddəsinə görə, cinayəti görüb üstünü açmayanlar cəzalanırlar, eləmi? – deyə Əli onun sözünü kəsdi.
– Bəli. Özünüz savadlı adamsınız, hər şeyi bilirsiniz, yaxşı olar ki, qol çəkəsiniz.
Əli qızardı. Başını tərpədib hamının görəcəyi tərzdə dilini çıxartdı və dodaqaltı deyindi: "Səni dilim-dilim olasan, dilim!" və kağıza qol çəkdi.
Əlinin ifadə vərəqəsinə diqqətlə baxıb gülümsündükdən sonra müstəntiq eyni rəsmi əda ilə Arifə yaxınlaşdı:
– Elə bilirəm yoldaşınızın dediklərini təsdiqdən boyun qaçırmazsınız.
Arif mübahisəni yersiz hesab etdiyindən dinməz-söyləməz kağıza qol çəkdi.
Bir aydan sonra onu məhkəməyə çağırdılar. İki saat gözləmə otağında saxladılar. Günortaya yaxın katibə hakimin əvəzindən üzr istəyib dedi ki, bu gün məhkəmə olmayacaq, başqa vaxt sizi çağıracağıq.
Bu hadisədən xeyli keçdi. Xoşbəxtlikdən maşın vuran qız sağaldı. Yay imtahanlarını da verdi. Şahidlər də arxayınca istirahətə getdilər. Arif ürəyində sevindi ki, elə yaxşı oldu qız da sağaldı, maşındakılar da cəzalanmadılar, bizi də get-gələ salmadılar. Deyəsən, hər şey unuduldu. Ancaq Arifin gözlədiyinin əksinə, çənli-çiskinli bir payız günü onları yenidən məhkəməyə çağırdılar. Şahidlər nəmlənmiş paltarda, deyilən vaxtda, deyilən yerdə oldular. Makinada nə isə döyəcləyən və arabir balaca güzgüdə özünə sığal verən qız gələnləri gözaltı süzdü. Arif bu baxışdakı istehzanı duysa da, mənasını başa düşmədi. Saçına qırov kimi qonmuş narın yağış damlalarını əli ilə quruladı.
– Hakimə deyin ki, gəlmişik.
– Lazım olsa, özü çağırar.
– Axı çox gözləməyə vaxtımız yoxdur.
– Gözümüz aydın. Sizə kim demişdi ki, şahid olun!
– Onu düz deyirsən, bacı, dilimizin bəlasına düşmüşük.
Otağa sükut çökdü. Katibə makinanı daha hirslə döyəcləməyə başladı.
Divar saatı danqıldayanda Arif ayağa durdu. Katibədən icazə almadan hakimin otağına keçdi.
– Biz çoxmu gözləyəcəyik?
– Sizi nə üçün çağırıblar?
– Şahidliyə görə.
– Hə, o maşın məsələsi? – Hakim stəkanındakı çayın son qurtumunu arxayınca içdi. Cibindən qat kəsmiş ağ dəsmal çıxardı. Ağzını ehmalca sildi. – Bu gün də iclas olmayacaq.
– Nə üçün?
– Çünki düzgün ifadə vermirsiniz. Biz dəqiqləşdirmişik ki, qızı "ZİM" yox, "Pobeda" vurub.
– Görən mənəm, yoxsa siz?
– Yəqin, pis görmüsünüz.
Arif institutda söylənənlərin həqiqətə oxşadığını yəqin etdi. Ona demişdilər ki, qızı maşınla vuranlar pul veriblər ki, ifadəni dəyişsinlər. Arif hakimə yaxınlaşdı. Onunla məsləhətləşəcəkmiş kimi aşağı əyildi:
– Qızı "ZİM" vurub. Ancaq deyəsən, sizə "Pobeda" xeyirlidir.
Sədr yerindən dik atıldı:
– Bu nə deməkdir?
– Bu o deməkdir ki, qurtarın alverinizi və bizi az incidin!
– Həddini bil! Ədalət məhkəməsini təhqir eləmə!
– Tüpürüm sənin kimisinin ədalətinə!
Qapının çırpılmasına katibə dik atıldı. Arifin arxasınca Əli də küçəyə güllə kimi çıxdı…
Dəniz sahilində oturub bütün bunları xatırlayan Arif yenidən papiros çəkmək istədi. Əlini cibinə atdı və başa düşdü ki, çəkməyə bir şeyi yoxdur. Ayağa durdu. İnstituta yollandı. İçəri girəndə yoldaşları xəbər verdilər ki, bu gün təqaüd günüdür. Arif kassaya çatanacan alacağı pulu, borclarını, yeni çıxan kitabların dəyərini hesabladı. Kassanın önündə adam az idi, çox gözləməli olmadı. Cədvələ qol çəkdi. Kassadan uzaqlaşmamış pulunu saydı və təəccüblə kassirin üzünə baxdı:
– Yüz manat çatmır.
– Cəriməni tutmuşam.
1973
MƏNİM RƏQİBİM
Unudulmaz müəllimim Əli Sultanlının əziz xatirəsinə
Qapını açan kimi mənə hərbi xəstəxanadan yaxşı tanış olan yodqarışıq qan qoxusu üzümə vurdu. Düz səkkiz il bundan əvvəlki kimi ehtiyat və sevinclə pillələri qalxdım. Geniş foyelərdə gəzişənlərin səsi uğultuya çevrilib qulaqlarımda güyüldədi. O zaman mənə elə gəlirdi ki, dünyada bu binadan böyük, bu binadan geniş, bu binadan işıqlı və uca ev yoxdur. İndi isə elə bil hər şey kiçilmiş, tavan aşağı enmiş, foyelər daralmış, divarlar da bir-birinə yaxınlaşmışdı.
İkinci mərtəbəyə qalxdım. Biz oxuyan zaman mərmər pilləkənlərin üstünə kənarı yaşıl zehli, tünd-qırmızı rəngli ayaqaltı gəbələr salardılar. Bu gəbə yollar uzanıb koridorun ortası boyu düzülmüş iri gül dibçəklərinin altına sərilər, sonra da şaxələnib sağa-sola burulardı. İndi isə heç nə yox idi. Mərmər pillələrin bəzi yerləri çatlayıb ovxarlanmışdı. Pilləkəndə tünd-qırmızı ləkələr gözə dəyirdi. Mən pillələri qalxdıqca divarlara, auditoriyalara açılan qapılara göz qoyurdum. Hər yerdə bir baxımsızlıq, ağır günlərin izi, yenicə boşaldılmış hərbi xəstəxananın əlamətləri görünürdü.
Divardakı bədənnüma güzgünün qabağında ayaq saxladım. Müharibədən əvvəl tənəffüslərdə qol-qola girib foyelərdə gəzişən qızlar bu güzgünün qabağından keçəndə oğrunca özlərinə baxar, zəriflik və gözəlliklərindən qürrələnərdilər. Çox vaxt utancaq oğlanlar kənarda dayanıb ürəklərindən keçirdikləri qızların üzünə ancaq bu güzgüdə baxmağa cəsarət edərdilər. Nə gizlədim, mənim də gözlərim bu güzgüyə həsrətlə zillənmiş, amansız və qətrəhim baxışlardan təsəlli diləmişdi. İndi özüm də hiss etmədən vaxtilə odlu baxışların çarpazlaşdığı bu müqəddəs bəxt güzgüsünün önündə ayaq saxladım. Oradan mənə arıq, uzun, sifətinin cizgiləri codlaşmış, qara bir oğlan baxırdı. Dodaqları en lənib qaysaqlanmışdı. Gözlərində sərtlik və həyəcan var idi. Alnında qırışlar əmələ gəlmişdi. Saçı hələ uzanmamışdı. Uzun, nimdaş, boz şineli az qala topuğuna düşürdü. Uzunboğaz brezent çəkməsi də nimdaş idi. Bircə papağı təzə idi. Ordudan buraxılanda cəbhə yoldaşı papaqçı Dedkin tikib yadigar vermişdi.
Güzgüdəki oğlan mənə xeyli baxdı. Şinelinin yaxasını açdı. Barmaqlarını enli əsgər kəmərinin altına salıb köynəyinin qırışlarını arxaya sığalladı. Köksü qabardı, sinəsindəki orden və medallar cingildəyib titrəşdi. Sözün düzü, özümü tanıya bilmədim. Dörd ildə, cəbhədə olduğum müddətdə, imkan tapıb güzgüdə özümə əməlli-başlı baxa bilməmişdim. İnstitutun axırıncı kursunda oxuyanda həmin bu divardan, güzgüdən bir az aralı, əlaçı tələbələrin şəklini şərəf lövhəsindən asmışdılar. Mən də onların arasındaydım. Onda üzünə hələ ülgüc dəyməmiş, sifətində məhzunluq, gözlərində dalğınlıq, qıvrım saçları pərişan bir gənc boynunu azacıq yana əyib şərəf lövhəsindən mənə baxırdı. İndi isə hərəkətləri namərbud, yöndəmsiz bir adam güzgüdən boylanırdı.
Aynada məndən başqa müxtəlif sifətlər, adamlar da görünürdü. Gah hələ başının sarğısı açılmamış gənclər, gah qoltuqağacına söykənənlər, gah da on səkkiz-on doqquz yaşı yenicə tamam olmuş oğlan və qızlar güzgüyə ötəri nəzər salıb keçirdilər. Birdən güzgüdə gülümsər çöhrəli, qarabuğdayı, baxışlarından iradəli və inamlı bir adam təsiri buraxan toxtamış bir qız boylandı. Ani olaraq gözlərinə baxdım və sarsıldım. Nəzərimi onun baxışlarından yayındırmaq istədimsə də, bacarmadım. Qızın dodaqlarındakı təbəssüm gülüşə çevrildi. Nüfuzedici gözləri ovunu ürkütmüş alıcı quş gözü kimi alışdı və çalışdı ki, baxışını yayındırmaq istəyən oğlanı üzünə baxmağa məcbur etsin. Güzgüdəki əsgər çarpaz projektor işığına düşmüş təyyarə kimi çırpındı, baxışlarını sağa-sola çevirdi, gah aşağı, gah yuxarı baxdı, ancaq canını qurtara bilmədi. Sərt hərəkətlə geri döndü.
Qarşımda ortaboy, zil qara saçını səliqə ilə darayıb yana ayırmış, sivri burunlu, sifətindən və dodaqlarından təbəssüm silinməyən, qonur gözlərindən sərtlik, mehribanlıq, eyni zamanda zərif, ürəyiaçıq bir qadın nəvaziş və qayğısı sezilən qız dayanmışdı. O, boynunu azacıq yana əyib altdan-yuxarı, hər şeyi bilmək istəyən bir insan marağı ilə mənə baxırdı. Dodaqlar azacıq aralanmışdı. Sıx, zərif, hamar və şirmayı kimi ağ dişləri görünürdü.
– Gəl tanış olaq, mənim adım Əzizədir.
Tərəddüd etdim. Qızın əli havada qalmışdı. Bilmirəm nədənsə əvvəlcə əlimi şinelimin cibinə saldım, sonra üstümə sildim və onun əlini ovcuma aldım. Qızın alnındakı nazik qırışlar azacıq yığıldı, o ufuldamağa hazırlaşan kimi oldu. Hiss etdim ki, özüm də bilmədən bu zərif və yumşaq əli sıxıram. Məndə təqsir yox idi. Dörd il idi ki, avtomatın qundağını çiynimə dayayıb xəzinəni ovcumda sıxırdım. Bilirdim ki, onda daha yaxşı nişan alıram.
– Mən də Rəhmanam.
Əlini ovcumda saxladım. Dinmədi. Mənə elə gəldi ki, ovcumda zərif, pambıq kimi yumşaq, hərarətli bir şey tutmuşam. Kobud, dərisi qabalaşmış, qabarlı və düyünlü əlimin onu incitdiyini sezmirdim. Birdən bu zərif əli pəncəmdə sındıra biləcəyimdən ehtiyatlandım. Barmaqlarım boşaldı. O, əlini çəkmədi, əksinə, elə bil barmaqlarımı bir-bir saymağa başladı. Mən ordudan qayıdandan sonra ikinci dəfə belə təmasa rast gəlirdim. Düz beş ay əvvəl yağışlı, palçıqlı, soyuq bir axşamda, gözlənilmədən cəbhədən evimizə qayıdanda, boynuma sarılan bacım elə yolun ortasında, evə keçməzdən əvvəl əlimi əlinə alıb bir-bir barmaqlarımı yoxlamışdı. Başa düşmüşdüm ki, əlimin şikəst olub-olmadığını bilmək istəyir. Bacımın özünün də əli qabarlı idi. Qoca ata-anamı saxlamaq üçün dərsi buraxıb kolxozda işləmiş, qapı-bacada yer belləmiş, qarğıdalı əkib sulamışdı.
Əzizə köhnə və yaxın tanış kimi, heç nədən çəkinmədən qoluma girdi. Məni güzgüdən uzaqlaşdırıb foyenin ortasına tərəf apardı. Yeridikcə ləngərlənir, hərdən ağırlığını qoluma salırdı. Mən nə qədər çalışırdımsa da, ayağımı düz ata bilmirdim, qılçalarım dolaşırdı.
– Düz üç gündür səni axtarıram.
– Nə üçün?
– Sifətinə baxmaq istəyirdim.
Mən bu gözlənilməz cavabdan diksindim. Paltarından cəbhə yollarının tozu, tüstü və barıt qoxusu getməyən, qan ləkələri silinməyən, qərib torpaqlarda məzara gömülmüş yoldaşlarının nəfəsi dəymiş nimdaş əsgər libasını dəyişib əyninə təzə paltar belə almağa imkanı olmayan bu qanlı-qadalı yollar yolçusunun sifətinə nə üçün baxmaq istəyirdi?
Qolumu çəkdim. O, bir az tutulsa da, sərbəstliyini itirmədi. Yenidən qolumdan yapışdı. Məni dabanı üstə fırlatdı. Nəfəsini üzümdə hiss etdim.
– Bilmək istəyirdim ki, rəqibim necə oğlandır? Onun kürəyini yerə vura biləcəyəm, ya yox?
Duruxdum. Qızı yenicə görürmüş kimi diqqətlə üzünə baxdım.
– Bilsəydim, ərizə verməzdim.
– Niyə, qorxdun?
– Qızla çəkişmək kişilikdən deyil.
– Buna bax, – deyə Əzizə səsini ucaltdı. – Deyəsən, pişik kimi kürəyini yerə vermək istəmirsən?
– Mən boyda pişik olar?
– Əlbəttə, olmaz! Pişik mehriban heyvandır. Sığal başa düşür, nəvaziş qanır, heç olmasa, adama isinişib xoruldayır. Amma sən kirpi kimi tikanlısan. Hər sözünü bir batman balla yemək olmur. "Qızla çəkişmək kişilikdən deyil". Baxarıq.
Onun sifəti tutuldu. Belə bir qızı incitdiyimə peşman oldum. "Bir ev tikməmişəm ki, yıxılanda vay deyəm. Mənə nə var, əsgər babayam. Harada olsa başımı girləyəcəyəm. Ancaq bu, zərif qız xeylağıdır", – deyə xəyalımdan keçirdim. Doğrudan da, onunla rəqabətə girməyi özümə ar bildim.
Aralanmaq istədim. Təlaşa düşdü.
– Hara?
– İdarəyə.
– Nə var?
– Bəlkə, sənədlərimi geri aldım.
– Pis olmaz.
Yenidən mehribanlıqla qoluma girdi. Pilləkəndən enərkən bərkdən güldü. Bu gülüşdə sevincmi, qəzəbmi olduğunu ayırd edə bilmədim.
– Mənim meydandan qaçan adamlardan zəhləm gedir, illah da kişilərdən.
Elə bil ortamdan güllə keçirdilər. Yaralananda heç belə göynəməmişdim. Əgər bu sözü mənə cəbhədə desəydilər, kimliyinə baxmadan boğazından yapışar, Kerçdə bizə sataşan "tılovoy krısaları" matroslarla birlikdə əzişdirdiyimiz kimi əzişdirərdim. Amma nə edəsən ki, indi zəmanə dəyişmişdi, qarşımdakı da müəmmalı bir qız idi.
İrəli keçdi. Qapını açıb küncdə oturan qızdan gülə-gülə soruşdu:
– Birinci imtahan nə vaxt olacaq?
– İki gündən sonra.
Katibə gah Əzizəyə, gah da otağın ortasında dirək kimi dayanan mənə baxdı. Qaş-gözü ilə nə isə soruşdu. Əzizə geri dönüb qolumdan yapışdı:
– Bu oğlan qızlarla çəkişməyi kişilikdən hesab etməsə də, mənim rəqibimdir. Özü də dəymədüşərin biridir. Sənədlərini geri almağa gəlib.
– Özümün dilim var.
Deyəsən, səsim guruldadı. İçəridəkilər dönüb təəccüblə mənə baxdılar. Xəcalətimdən başımı aşağı salıb bir-iki dəfə öskürdüm.
Elə bu vaxt aspirantura müdirinin oturduğu otağın qapısı açıldı. Professor içəridən çıxdı. Onun əynindəki zehli ağımsov pencək-şalvar elə bil ütünün altından bu saat götürülmüşdü. Paltarlarının rənginə uyğun güllü qalstuk bağlamışdı. Seyrək saçını yana daramışdı. Döş cibindən ağ dəsmalının ucu çıxmışdı. Adəti üzrə, "Kazbek" qutusunu və kibriti qəzetə büküb qoltuğuna almışdı. Çəkdiyi papirosun əzilməsindən qorxurmuş kimi barmaqlarının arasında ehtiyatla tutmuşdu. Onun qara-qumral sifəti, mehriban və qayğılı gözləri gülümsünürdü. Professor bir az arıqlamış olsa da, müharibədən əvvəl bizə mühazirə oxuduğu zamanlarda olduğu kimi səliqəli idi. O, içəridəkilərlə salamlaşdı və bizi görüb ayaq saxladı:
– Hə, balaca, tapışmısınız?
Əzizə ətrafa boylandı. Mən başa düşdüm ki, professor, tələbəlik illərində olduğu kimi, mənə yenə "balaca" deyir. Elə bir həftə bundan əvvəl onun yanına gedəndə də belə demişdi. Əvvəlcə məni tanıya bilməmişdi. Xeyli duruxmuş və üzümə baxmışdı. Sonra gülümsünüb əlini irəli uzatmışdı.
– Balaca, sənsən? Nə yaman uzanmısan! Yoxsa əsgərlikdə boğazından dartıb uzadıblar?
Mən nə üçün gəldiyimi söylədim. Firkə getdi.
– Bircə yer var, ora da ərizə veriblər. Sənə çətin olmazmı? Rəqibin od parçasıdır, universiteti yenicə qur tarıb.
Anladım ki, professor mənim müsabiqədən keçə bilməyəcəyimdən ehtiyat edir. Doğrudan da, çətin idi. Dörd illik fasilə, müharibə, qanlı-qadalı illər və yenidən imtahan.
Mənim tutulduğumu hiss etdi. Qayğılı gözlərində bir ilıqlıq duydum.
– Yaxşı, ərizəni ver…
Professor əvvəlcə mənimlə, sonra da Əzizə ilə görüşdü. Qız anladı ki, professor mənə "balaca" deyir. Gülümsündü. Onun baxışlarından hiss etdim ki, nə isə bir oyun çıxaracaq.
– Balaca sənədlərini geri alır.
– Niyə?
– Deyəsən, qorxur.
Professorun gözündən kölgə keçdi. Gözlərində təəssüf və məyusluq duydum.
– Elə iş eləmə.
Dinmədim. Birdən nə fikirləşdisə, qolumdan yapışıb kənara çəkdi. Onun sınayıcı və qayğıkeş baxışlarını üzümdə hiss etdim.
– Direktorla danışmışam, bəlkə, sənə çörək talonu düzəltdim.
Onu hiss etdim ki, yanaqlarım isindi. Bədənim buz kimi oldu, qulaqlarımın ucu alışıb-yandı…
O gedəndən sonra Əzizə çənəmin altında dayanıb altdan-yuxarı üzümə baxdı. Gözlərində dəcəllik qığılcım ları oynadı və əlini əlinə vurub qəhqəhə ilə güldü: "Balacaya bax!"
Sözün düzü, qızın belə rəftarı məni ürküdürdü. Elə bilirdim ki, mənə istehza edir, hər hərəkətimi, sözümü ələ salır. Bəlkə, elə, doğrudan da, bu ərköyün şəhərli qızı bu yolla məni qorxutmaq, meydandan qaçırıb özü tək qalmaq istəyirdi?
Katibəyə yaxınlaşmaq istədim. Bunu sezən kimi sifəti birdən-birə dəyişdi. Zəhmli və amiranə bir görkəm aldı:
– İmtahanlara bir yerdə hazırlaşacağıq. Harada olursan?
Dinmədim. Onun xəbəri yox idi ki, mən hər gecə bir tanışın, ya da qohumun evində qalıram. İkinci dəfə onları narahat eləməyə üzüm gəlmirdi. Dünən gecə isə köhnə soldat kimi şinelə bürünüb vağzalda, taxtanın üstündə yatmışdım.
– İstəyirsən, bizə gəl, anamla təkcə oluram.
Üzünə necə baxdımsa, tutuldu. Deyəsən, gözləri nəmləndi.
– Atam çoxdan ölüb, qardaşım da müharibədən qayıtmayıb. Neçə ildir xəbər-ətər yoxdur.
Onun səsi titrədi. Özümün özümdən zəhləm getdi. Əvvəllər hər balaca titrəyişi, köks ötürməni duyar, qəlblərdən keçənləri baxışlardan oxuyardım. İndi isə qəlbanlamaz, dilbilməz bir kobuda çevrilmişdim. Deyəsən, müharibə bütün hislərimi qabalaşdırmışdı.
– Yaxşı, istəyirsən, kitabxanada görüşək.
Aralandıq.
Şəhərə bir həftə bundan əvvəl gəlmişdim. Heç kəsə bir söz demədən. Xəbərsiz-ətərsiz. Acıq eləmişdim. Məni yandıran o idi ki, rayonumuzdakı müəllimlər institutunun direktoru özü xahiş etmiş, nazirlikdən əmrimi almış və məni yerimdən oynatdıqdan sonra köhnə dostumla üz-üzə gətirmişdi. Dalaşdım. Başqasının çörəyinə bais olmayacağımı söylədim. Elə həmin günü evə dəymədən, hirsli-hirsli, axşam qatarı ilə Bakıya yola düşdüm. Yaxşı ki, istiqrazım udmuşdu. Yoxsa yolpulu tapa bilməyib hövlümdən partlayardım.
Poçta girdim. Evə teleqram vurdum ki, narahat olmasınlar, şəhərdəyəm. Bayıra çıxanda hiss etdim ki, başım hərlənir. Gözüm alacalandı. Yıxılmamaq üçün divara söykəndim. Başa düşdüm ki, dünən yediyimin üstündəyəm. Küçəyə çıxdım. Çörək dükanlarının birinin qarşısında addımlarımı yavaşıtdım. Küncdə dayanan enli kepkalı qarabığ oğlan bunu hiss etdi. Ehtiyatla, ətrafa boylana-boylana mənə yaxınlaşdı, saymazyana yanımdan ötdü, kiməsə eşitdirirmiş kimi astadan dilləndi:
– Bir kilo əntiqə çörək var.
– Neçəyədir?
Dayandı. Paraşüt kimi qabarmış kepkasını gözünün üstündən geri elədi.
– Lap ucuz. Sənə iyirmi beş manata.
Əlimi cibimə atdım. Bilet üçün ayırdığım pula dəymədim. Qalanını çıxarıb oğlana verdim. Çörək qapqara idi. Adamın əlinə yapışırdı. Amma dadlı idi. Elə yoldaca üstündəki qırıqları yedim. Kim idi bu boyda şəhərdə məni tanıyan? Sahilə gəldim. Yorulmuşdum. Skamyaların birində oturdum. Qəzetdən süfrə saldım. İştaha ilə çörək yeməyə başladım.
Xəzər payız şəfəqlərini sinəsində əks etdirərək quzu kimi mürgüləyirdi. Suların səthi qırçınlaşmışdı. Külək sahildən əsdiyindən bu qırçın ləpələr bir-birini qova-qova uzaqlara, sonsuz üfüqlərin ənginliklərinə qədər baş alıb gedirdi. Mavi sular sonsuzluqlara çevrildikcə insanın baxışlarını, qəlbini, fikrini belə özü ilə aparır, elə bil məngənədən çıxarıb genişliyə çəkirdi. Adam qollarını açıb sinədolusu nəfəs almaq istəyirdi.
İndicə fərqinə vardım ki, Xəzərin suyu ağımsovdur, dərinliklərə getdikcə bozarır, bəzi yerlərdə isə axar çay suyu kimi durulur. Amma Qara dənizin suları tünd-maviyə çalırdı. Mərmilər, bombalar partladıqca daha da tündləşirdi. Bəlkə, onun da durulan vaxtı olurdu, amma mən bu dənizin sularını həmişə qaramtıl görmüşdüm. Üfüqlər çənli-çiskinli, dənizin özü isə qəzəbli və dalğalı olurdu. Bəlkə, o, hirsindən qaralırdı? Bəlkə də, sularda qərq olmuş matrosların paltarları dənizin sularını qara rəngə boyayırdı?
Əvvəlcə çörəyin hamısını biroturuma yemək istədim. Sonra iradəmi ələ aldım, çörəyin qalanını kağıza büküb cibimə qoydum. Yadıma cəbhə yoldaşım Vəliyevin döyüşqabağı elədiyi zarafat düşdü. Yəqin, indi o, yanımda olsaydı: "Çörəyin hamısını ye, nə bilirsən nə olacaq?" – deyərdi. Krımskaya stanitsasının yanında vuruşurduq. Qamışlığı, sonra da axmaz suları keçib qarşıdakı təpələri tutmalıydıq. Beş nəfər idik. Rezin pantonlarla desant aparmalıydıq. Hamımıza üçgünlük yemək vermişdilər. Biz çörəyi üç yerə böldük. Yola düşməzdən əvvəl həmin günün payını yedik və qalanını saxladıq. Vəliyev doymamışdı. Gülə-gülə: "Gəlin hamısını yeyək, kim bilir bir azdan nə olacaq?" – dedi. Həmin gecə yaralandı. Biz onu qamışlıqdan çıxarıb arxaya, sahildəki tibb məntəqəsinə gətirdik. Ayrılarkən yarasının ağır olmasına baxmayaraq güldü: "Sizə demədimmi, gəlin çörəyin hamısını yeyək. İndi gördünüz?.."
İmtahan mənim ən çox sevdiyim altı nömrəli auditoriyada başladı. İmtahan götürənlər çox idi. Professordan başqa, elmi hissədən, aspirantura şöbəsindən nümayəndə var idi. Başqa müəllimlər də iştirak edirdilər. İçəri girəndə hər şeyi unutdum. Elə bildim ki, bu saat zəng çalınacaq, tələbə yoldaşlarım səs-küylə içəri dolacaq və professor mühazirəyə başlayacaqdı. Gözümü gəzdirdim. Hər şey yerində idi. Pilləvarı stollar da, pəncərələrin qalın, qara örtükləri də, ön tərəfdə divarboyu vurulmuş yazı taxtası da, xitabət kürsüsü də, səhnəni xatırladan uzun, hündür qabaq stolu da. Görünür, müharibə illərində binada hərbi xəstəxana yerləşdiriləndə belə, bu otağa əl vurmamışdılar. Bəlkə də, bu otaq cərrahiyyə otağı imiş, neçə insan bu uzunsov qabaq stolunun üstündə ölümlə çarpışmışdı?
Həmişəki kimi, keçib qabaq cərgədə oturdum. Əzizə arxada əyləşdi. Hiss etdim ki, bu gün ciddidir, bəlkə də, bir az tutqundur. Gözü üzümdə olsa da, susur, heç nə demir. Bileti əvvəlcə o çəkdi. Sualları oxuyanda sifətinin ifadəsindən başa düşdüm ki, biletdə yazılanların hamısını bilir. Sonra mən ayağa durdum. Özümə toxtaqlıq versəm də, ürəyim döyünməyə başladı. Deyəsən, barmaqlarım titrədi. Onu hiss etdim ki, əlimdəki bilet əsir. Sətirləri bir-birinə qarışdı, hərflər dumana büründü. Ancaq tərpənmədim. İmtahan götürənlərin qarşısında dayandım. Dörd il əvvəl olduğu kimi, fikirləşmədən cavab vermək istədim, professorun səsi məni özümə gətirdi:
– Keç, əyləş, balaca.
Oturmazdan əvvəl dönüb Əzizəyə baxdım. Onun rəngi kül kimi idi.
Sualları təzədən oxudum. Birinci sual: "Şekspir və onun "Maqbet" əsəri". Maqbet! Hər sətrini əzbər bildiyim əsər. Vaxtilə həmin bu auditoriyada, həmin bu professorun qarşısında haqqında məruzə etdiyim əsər. Maraqlı idi ki, görəsən, bu sual təsadüfənmi mənə düşmüşdü, yoxsa professor kömək əlini uzatmışdı? Qələmi götürdüm. Düşündüklərimi qeydə almaq istədim. Surətlər, nəhəng ehtiraslı xarakterlər, Şekspirə məxsus olan hikmətli və vahiməli səhnələr gözüm önündə canlandı, monoloqlar qulaqlarımda səsləndi. Mənə elə gəldi ki, imtahan vermirəm, nə müharibə olub, nə də mən dörd il vuruşmuşam, biz institutda oxuyuruq, ikinci kursdayıq, dünya ədəbiyyatından referatlar yazıb məruzələr edirik…
Professor o zaman Şekspiri seçmişdi. O, kursumuzda oxuyan az-çox özünü tanıtmış, boyca iri, pərli-budaqlı tələbələrə mühazirə bölüşdürərkən mən lap qabaqda oturmuşdum. Fikrimdən "Hamlet" keçirdi, lakin onu öz zəkası və hazırcavablığı ilə hamımızı heyran qoyan Abbas götürdü. "Otello"nu Tapdığa, "Kral Lir"i Rəşada verdilər. Mən əlimi qaldırıb tez-tez: "Mən, mən", – deyirdim. Ancaq professor məni ya görmür, ya da görməzliyə vururdu. Bütün mövzuların əldən çıxacağını gördükdə dözmədim. Ayağa durub cır səslə: "Bəs mən?" – deyə qışqırdım. Auditoriyada oturan yüz əlli nəfərin hamısı qəhqəhə çəkdi. Amfiteatrı xatırladan pilləli auditoriyanın önündə, yoldaşlarımın və müəllimin qar şısında bacarıqsız bir aktyor kimi dayanıb gözümü döydüm.
Professor duruxdu. Diqqətlə, gözlərini yayındırma-dan üzümə baxdı. Onun dodaqlarındakı təbəssüm məni sarsıtdı. Deyəsən, professor mənə istehza edirdi. Otaq başıma hərləndi.
– Balaca, sən də məruzə etmək istəyirsən?
– İstəyirəm.
Bu dəfə səsim daha inamla cingildədi. Professor azacıq fikrə getdi. Deyəsən, mənə etibar etmirdi. İnanmırdı ki, götürdüyüm mövzunun öhdəsindən gələ billəm. O da, başqa müəllimlər də, elə sinif yoldaş larımız da kursumuzda hamıdan balaca olan Məcidlə mənə inanmırdılar. Bizə uşaq kimi baxırdılar. Tənəffüslərdə qızlar başımızı sığallayır, az qalırdılar ki, əlimizə konfet verib üzümüzdən öpsünlər. Əslində, zarafata salıb öpənlər də olurdu. Yoldaşlarımızın belə hərəkəti mənə daha pis təsir edirdi. Ona görə tənəffüs zamanı tənha gəzir, dalğınlığı daha da artırmaq üçün dənəsini iyirmi beş qəpiyə aldığım uzun "Koroğlu" papirosunu tüstülədir və əlimi qoynumda çarpazlayıb tüstü-duman içində dayanır, professorun dediyi kimi, "bayronvarı görkəm" alırdım. Bizə gülənlər də olurdu, acıqlananlar da. Hətta bir dəfə sinif qızlarımızdan Tükəzbanla Zeynəb gözlənilmədən üstümü kəsib papirosu əlimdən aldılar, özümü də əməlli-başlı danladılar ki, bir də papiros çəkməyim. Mən istəyirdim ki, əməlli-başlı tələbə olduğumu, artıq böyüdüyümü hamıya sübut edəm. Xüsusən qızlardan birinə, mənimlə yanaşı oturan, dərs zamanı dəftərlərimə cürbəcür sözlər yazan, çox vaxt mühazirəni yazmağa mane olan, sonra yataq xanada gecəyarıyacan oturub mənim də, özünün də dəftərinə həmin mövzunu köçürən, gah mehribanlaşan, gah da kədərlənib iri gözləri yaşaran, gah da şitənib məni cinləndirən, hirsləndiyimi gördükdə isə burun pərələri səyriyə-səyriyə uğunub keçinən qıza bildirmək istəyirdim ki, mənim də qəlbim, qürurum var, aşıqlar demişkən, "sinəm qəm dəryasıdır", onu sızıldatma…
– "Maqbet"i götürürsənmi?
– Götürürəm.
– Amma yaxşı hazırlaş ha, balaca!
O ili qış tətilinə getmədim. "Maqbet"i dönə-dönə oxudum. "Hamlet"i, "Otello"nu, "Kral Lir"i vərəq-vərəq elədim. Rusca pis bilsəm də, Şekspir haqqında yazılanları tapıb birtəhər tərcümə etdim. Yazdım, pozdum, yataqxanada tək qalıb öz-özümə danışdım, gah Maqbet oldum, gah Maqduffa çevrildim. Gah Hamletin monoloqunu aktyor Abbas Mirzə Şərifzadə kimi deməyə çalışıb Maqbetlə əlaqələndirmək istədim. Ömrümdə ilk dəfə arxivə gedib qəzetləri vərəqlədim. Maqbet rolunda çıxış edən aktyorların oyunları haqqındakı məqalələri oxudum. Hər şeyi anlamaq, gah ziddiyyətli, gah da hikmətli və fəlsəfi mühakimələr yürüdən Şekspirin nələr düşündüyünü aydınlaşdırmağa çalışdım. Ancaq hiss etdim ki, professor mənə əhəmiyyət vermir. Məruzə payladığı başqa yoldaşlarımı çağırır, onlara göstəriş verir, kitablar tapşırır, referatları oxuyub təshihlər edirdi. Məni isə görəndə gülümsünür: "Necəsən, balaca, hazırlaş", – deyib yanımdan laqeydcəsinə keçirdi.
Məruzələr başlandı. Hamıdan çox qorxduğum Abbas düz dörd saat danışdı. Sözün düzü, o məni bir azca məyus etdi. Fikirləri gözəl və dərin olsa da, nitqi səlis deyildi. Ürəyimdə uşaqlıq sevinci oyandı. Abbası da ötmək, hamını arxada qoyub birinci yeri tutmaq həvəsi qəlbimə hakim kəsildi. Təsəvvürümdə canlandırdım ki, tribunaya qalxan kimi heç kəsi saymadan, əvvəlcə natiqlər kimi sakitcə sözə başlayacam, sonra səsimi qaldırıb monoloqları deyəcəm, artist kimi oyun açacam, lap ən yaxşı mühazirə oxuyan professorun özünü də məftun edəcəm. Hamıya göstərəcəyəm ki, balaca hesab etdiyiniz bu adam özünə görə deyil.
Professor tənəffüsdə məni yanına çağırdı. Yorulmuş və könülsüz halda dedi:
– Balaca, tənəffüsdən sonra Abbasın məruzəsini yekunlaşdıracam. Yarım saat vaxtımız qalacaq. Sənə söz verəcəm. Məruzəni edə bilərsən?
– Xeyr.
– Niyə, hazır deyilsən?
– Hazıram, ancaq mənə də dörd saat vaxt verin.
Professorun qaşları çatıldı. Yenə dodaqlarında məni qorxudan təbəssüm oynadı. Heç nə demədən uzaqlaşdı. Arada bir-iki dəfə dönüb geri baxdı. Tənəffüsdən sonra özü danışdı. Mənim məruzəm sonraya qaldı.
Müharibə təhlükəsi vardı. Bəzən gözlənilmədən şəhərin işıqları sönür, maşınlar, tramvaylar belə işıqsız işləyirdi. Məktəblərin, institutların pəncərələri isə qalın qara kağızlarla örtülür, çox vaxt əleyhqazda mühazirələrə qulaq asmalı olurduq. Bəzən bizə əvvəlcədən xəbərdarlıq edilir, əleyhqazla gəlmək məsləhət görülürdü. Bax belə günlərin birində indi bilet çəkib fikirləşdiyim həmin bu auditoriyada məruzə etmək üçün professor mənə dörd saat vaxt verdi.
Kürsüyə qalxanda gözüm heç nə görmədi. Auditoriyada oturanlar dumana büründü. Elə bil tavan aşağı endi, döşəmə böyrü üstə çökdü. Yıxılmamaq üçün xitabət kürsüsünün yanlarından yapışdım. Sükutdan qulaqlarım güyüldədi. Nə qədər çalışdımsa da, ağzımı açıb ilk sözü deyə bilmədim. Elə bu vaxt professorun mənə zillənmiş gözlərini gördüm. Bilmirəm, lampanın işığı idi, yoxsa müəllimin gözlərinin ziyası idi, onu başa düşdüm ki, bu işıq mənə tuşlanıb. Özü də dərinliklərdən baş alıb gəlir və elə bil hər şeyi aydınlaşdırmaq istəyir. Bu bir cüt ziya zolağı zehnimə işlədi, fikrimin dumanlarını yardı, hər şey birdən-birə tutulduğu kimi də birdən-birə aydınlaşdı. Mən ilk cümləmi dedim. Elə ilk kəlmədən də dinləyiciləri ələ aldım. Onlara hakim kəsildiyimi hiss etdiyimdən getdikcə sərbəstləşdim.
Birdən işıqlar söndü. Hamı diksinib içini çəkdi. Mən bir səsi aydınca eşitdim.
– Can, can, ay Rəhman. Ciyəri yanmışlar, a, işığı niyə söndürdülər?
Elə bil mənə də bu lazım idi. Dayanmadım. Qaranlıqda daha ehtirasla danışdım. Professor sözümü kəsmək istəmədiyimi gördükdə qəzetə bükdüyü papiros qutusunu açdı. İçindən kibrit çıxarıb yandırdı, qarşımdakı kağızlara yaxın tutdu ki, arada çaşmamaq üçün dönüb baxım. Ancaq mən hər şeyi əvvəlcədən əzbərlədiyimdən ona əhəmiyyət vermədim. Fasiləsiz, tənəffüssüz, hava həyəcanı qurtarıb işıqlar yanana qədər danışdım. Sözümü qurtaranda gördüm ki, auditoriya ağzınacan doludur. Ayaq üstündə dayananlar da var. Başa düşdüm ki, başqa kursun uşaqları da sakitcə içəri doluşublar. Mənə əl də çaldılar. Bax onda professor ayağa durdu. Gözləmədiyim halda məni qucaqladı:
"Afərin, balaca!" – dedi. Yoldaşlarım ayağa durub bir səslə: "Balaca!", "Balaca!" – deyə qışqırdılar. O gündən adım "Balaca" qaldı…
Aradan altıillik bir fasilə keçəndən sonra yenə həmin auditoriyada oturmuşdum. Nə üçün gəldiyim, suallara cavab verməli olduğum yadımdan çıxmışdı. Mənə elə gəlirdi ki, ortaboy, tökməbədən Abbas kürsüdədir. Səsi qulağımda canlanır: "Ölüm, ya olum – budur məsələ". Görəsən, o, indi haradadır? Axı biz axırıncı kursda olanda yenicə evlənmişdi! Müharibə qəflətən başlananda, biz orduya çağırılanda o, yenə gülə-gülə, zarafat edə-edə dostlarından ayrılmışdı. Görəsən, deyilənlər doğrudur? Doğrudanmı, Abbas cəbhədə həlak olmuşdu? Onun səsi yenidən qulaqlarımda canlandı: "Ölüm, ya olum – budur məsələ". Ölüm, ya olum! Bəs Rəşad hanı? Nə üçün cəmi beşcə gün dözmədi? Axı eşitdiyimə görə, Berlin alınanda o, sağ imiş. Özü də Berlinə çatıbmış. Mənim balaca dostum Məcidin barmaqları adam öldürmək üçün yox, tar çalmaq üçün yaranmamışdımı? Müharibə başlananda axırıncı yadigar olaraq qoşa şəkil çəkdirdiyim Əhməddən, görəsən, nə xəbər var? Suallar beynimi dumanlandırdı. Mənə elə gəlirdi ki, nahaq yerə özümü yoruram. Onların hamısı auditoriyadadır. Bu saat ayağa duracam, səhnəyə çıxıb danışacağam. Bu dəfə onların sifətini aydın görəcəyəm. İşıqlar sönəcək, kimsə içini çəkəcək, "ciyəri yanmışlar, işığı niyə söndürdülər?" deyəcək, mən dayanmayacam, danışacam, monoloqlar deyəcəm, artistlik edəcəyəm…
Çiynimə bir əl toxundu. Diksindim. Hər şey yoxa çıxdı. Yanımda oturanların sifəti silindi. Əzizənin pıçıltılı səsini eşitdim:
– Soldat, sualları bilirsənmi?
Köksümü ötürüb üzünə baxdım. Məni yoldaşlarım-dan, ilk gəncliyimdən ayırdığına yaman hirsləndim.
– İkisini bilirəm, birini yox.
– Nəyi?
Dedim. Əzizə yaxınlaşdı. Arxa cərgədə, düz kürəyimin dalında oturdu. Əyilib ağzını az qala qulağıma yapışdırdı. Nəyi isə izah elədi, rəqəmləri dedi. Mən işarə ilə anlatdım ki, çox sağ ol, nahaq yerə zəhmət çəkmə, heç nə yadıma düşmür. O daha da həyəcanlandı. Səsini bir az da ucaltdı. Yarı əsəbi, yarı təlaşlı halda mövzunu yenidən izaha başladı.
Professor ayağa durub ehmal addımlarla Əzizəyə yaxınlaşdı. Mən xəcalətimdən, həm də sualın birini bilmədiyimdən özümü itirmişdim. Professorun məzəmmət dolu səsi elə bil məni qılınc kimi doğradı:
– Əzizə, nə edirsən, axı siz rəqibsiz?
– Bilirəm.
– Bəs nə üçün kömək edirsən?
– Nə olar?
– Axı yerimiz bircədir.
– Neynək.
– Qəribəsən.
– Mən yox, dünyanın işi qəribədir. Axı o, cəbhədən gəlib.
Mən professorun üzünü görməsəm də, Əzizəyə necə baxdığını hiss etdim. O mənim başımın üstündə dayandı, yazılarıma baxdı və heç nə demədən keçib yerində oturdu.
Çiynimin üstündən qabağıma bir kağız düşdü. Tərpənmədim. Əzizə kürəyimi dürtmələyib başa saldı ki, götür. Götürdüm. Açdım. Əzizə bilmədiyim sualın cavabını aydın və səliqə ilə yazmışdı. İlk cümləni oxuyan kimi unudulmuş hadisələr yadıma düşdü, əsərdəki surətlər gözüm önündə canlandı. Belə gözəl bildiyim bir mövzunu unutduğuma görə özümə acığım tutdu, həm də gülümsündüm ki, deyəsən, yaşa doluram, hafizəm mənə xəyanət edir.
Birinci mən cavab verdim. İki sualı danışdım. Hiss etdim ki, cavabımdan razı qalıbdır. Xüsusən professor, Əzizə də gülümsündü.
– Keç üçüncü suala.
Duruxdum. Ovcumdakı kağızı sıxdım.
– Üçüncü suala cavab vermək istəmirəm.
– Bilmirsən?
– Bilirəm.
– Bəs nə üçün?..
– Çünki öz zəhmətim deyil. Əzizənin yazdığından öyrənmişəm.
– Yaxşı fikirləş.
– Fikirləşmişəm.
Ayağa durdum. İmtahan götürənlərin təəccüblü baxışları altında keçib arxada əyləşdim.
Əzizə yerindən ləng tərpəndi. Ancaq ayağa duran kimi özünəməxsus ləngərli və qəti addımlarla irəli yeridi. Oturmadı. Təklif gözləmədən cavab verməyə başladı. Cavabının dəqiqliyindən daha çox, onun səsinin ahəngi, dilinin zənginliyi, fikrini ifadə edərkən çətinlik çəkmədən, duruxmadan, ən gözəl, ən zərif və ən obrazlı ifadələr tapması məni valeh edirdi. Onun cavabı elə bil hamını əfsunlamışdı. Heç kəs tərpənmir, əlavə sual vermirdi. Çünki Əzizə bütün məsələləri əlavələrlə birlikdə izah edirdi.
O, birinci sualın cavabını qurtardı, dayanmadan ikincisinə keçdi, sonra nəfəsini dərib susdu. Bileti sakitcə stolun üstünə qoydu.
– Bəs üçüncü sual?
Əzizə başını aşağı saldı. Onun qarabuğdayı çöhrəsi qızardı?
– Bilmirəm.
– Yalan deyir!
Deyəsən, yerimdən dik atılıb qışqırmışdım. Çünki hamının diksindiyini gördüm. Əzizə dabanı üstə fırlanıb tərs-tərs üzümə baxdı:
– Özümün dilim var.
İçəridə otura bilmədim. Stulları kənara itələdim. İri addımlarla, icazəsiz, nəzakət qaydalarını unudaraq qapını çırpıb bayıra çıxdım. Şinelimin cibini eşələdim. Bir papirosluq maxorka tapıb qəzeti lülələdim, eşməni birnəfəsə sümürüb yarıya çatdırdım. Dumana büründüm. Heç kəs, heç nə gözümə görünmürdü. Mən qəfəsə salınmış vəhşi kimi vurnuxur, çəkmələrimin dabanını yerə döyürdüm.
Qapı açıldı. Əvvəlcə professor, sonra da başqa müəllimlər otaqdan çıxdılar. Mən papirosu yerə atıb dabanımla əzdim. Ömrümdə ilk dəfə professorun təbəssümlü baxışlarından gözümü yayındırdım və qapını açıb hirslə içəri girdim. Əzizə oturmuşdu.
– Mənə mərhəmət lazım deyil.
O dinmədi, ayağa durdu. Sifəti tutulmuşdu. Elə bil heç əvvəlki şıltaq qız deyildi. Yanımdan keçərkən dayandı. Onun oynaq və dəcəl gözləri dəniz kimi lal, lakin təlatümlü idi. Bu təlatüm dərinliklərdə olduğundan zahirən sakit görünən su qabarmaları elə bil qurğuşun kimi ağırlaşıb ləngərlənirdi. Mən bu baxışların dərinliyində, balaca bir imkan tapan kimi, püskürüb hayqırmağa hazır olan bir insan qəzəbinin gizləndiyini gördüm.
– Kobud!
Yanımdan yel kimi ötdü.
Çox düşündüm. Dənizin kənarında neçə gündən bəri dərs oxuduğum dalda yerdə, hamının gözündən kənarda oturub yenə qəzet süfrəmi açdım. Talonla aldığım qara çörəyi qabağıma qoyub fikirləşdim. O, qəsdən belə edirdi. Məndən yüksək qiymət almamağa çalışırdı. İstəsəydi bir günün içində bütün imtahanları verər, hamısından əla qiymət alar və aspiranturaya minnətsiz qəbul olunardı. Əslində, onun imtahana hazırlaşmağa heç ehtiyacı yox idi. Birgə hazırlaşmaq istəməsi də mənə görə idi. Bəs nə üçün belə edirdi? Yoxsa bütün bunlar şıltaq bir şəhərli qızının oyunlarından başqa bir şey deyildi? Bəlkə, o mənimlə pişik siçanla oynayan kimi oynayıb axırıncı imtahanda özünü göstərəcəkdi? Yoxsa, doğrudan da, mənə yazığı gəlir, qadın mərhəməti ilə mənə yol açmaq istəyir? Əgər o, bir rəqib kimi var qüvvəsi ilə çarpışıb mənə qalib gəlsəydi, zərrə qədər də inciməzdim. Cəbhədə belə hal azmı olub? Azmı hücuma keçib müqavimətə rast gəlmiş, hətta geri oturdulmuşduq? Ancaq mərhəmətə sığınmaq, kimdənsə sədəqə diləmək və nəhayət, kiminsə halalca payını əlindən almaq kişilikdən deyildi. "Başqasının fəlakəti üzərində qurulan səadət əbədi ola bilməz!". Bu sözləri bir az bundan əvvəl, imtahan verərkən özüm deməmişdimmi? Maqbetin faciəsinin fəlsəfi əsaslarını izah edərkən özüm bu nəticəyə gəlməmişdimmi? Professor da qəribə idi. İkimizə də "yaxşı" vermişdi. Axı o özü də gözəl başa düşürdü ki, Əzizə məndən güclü və hazırlıqlıdır.
Elə bil nəfəsim darıxdı. Yaxamı açdım. İstədim papiros eşəm, ancaq şinelimin cibi boş idi. Bəlkə, çıxıb gedim, yolpulum varkən geri qayıdım? Sonra bilet almağa da bir şeyim olmayacaq. Bakıya gələndə bilet almaq üçün ayırdığım pulu xərcləmişdim. Üç gün bundan əvvəl çörəyə verməli olmuşdum. Yaxşı ki, saatım vardı. Sözün düzü, onu satmağa əlim gəlmirdi. Yadigar idi. Uzun cəbhə yollarını birlikdə sona vurmuşduq. Mən onun çıqqıltılarında həm ölümümü gözləmişdim, həm səadətimi. Elə bilirdim onun çıqqıltısı dayansa, mənim ürək döyüntüm də dayanacaq. Ancaq o, bircə dəfə də çıqqıltısına ara vermədi. Mənimlə birlikdə Şərqi Prussiyada, Friş-Qaf körfəzində qələbəni qarşıladı, yaylım atəşlərinin şahidi oldu. İndi ondan ayrılmağa məcbur idim. İki gün əvvəl ürəyim çırpına-çırpına dükana girdim, saatımı girov qoydum. Qolumdan açanda barmaqlarımın əsdiyini hiss etdim. Bayıra çıxanda dükandan aralana bilmədim, dükançının onu stolun siyirməsinə qoyduğunu gördükdən sonra sakitləşdim. Arxayın idim. Çünki onun yerini bilirdim. Saatım başqasının əlinə düşməmişdi.
Çörəyin qalığını qəzetə büküb cibimə qoydum. İndi yadıma düşdü ki, köhnə məktəb və cəbhə yoldaşım Vahid məni yataqxanada gözləyir. İki gün bundan əvvəl küçədə tapışmışdıq. Onu orduya institutdan aparmışdılar. Öyrəndim ki, yaralandıqdan sonra geri qayıtmış və yenidən oxumağa başlamışdır.
Əl çəkmədi. Məni zorla yataqxanaya apardı. "Bir çanaq əriştəm var, – dedi, – qurtarana qədər yeyəcəyik. Aspiranturaya qəbul olunana qədər də mənim yanımda, yataqxanada qalacaqsan. Mən komendant-zad tanımıram. Əsgər çörəyi, əsgər şineli şərikli olmalıdır".
…O biri imtahanlara girmək istəmirdim. Ancaq Əzizənin sözü yolumu kəsirdi. "Meydandan qaçan adamlardan xoşum gəlmir. İllah da kişilərdən". Professor da məni məzəmmətləyirdi, Vahid də danlayırdı. Əzizə də ki elə bil qanlıbıçaq olmuşdu, həmişə də məni qabağa salırdı. Elə professor da ona tərəf dururdu:
– Cəbhəni gərək əvvəlcə cəbhəçi yarsın. Qızları qabağa salmazlar.
İkinci imtahandan da, üçüncüdən də eyni qiymət aldıq. Bütün imtahanlarda hiss edirdim ki, Əzizə məndən sonra cavab verəndə çalışırdı mənim səviyyəmdən yüksəyə qalxmasın. Cıdırda rəqibini ötmək istəməyən süvari kimi atının cilovunu çəkib sürətini azaldırdı.
Vəziyyətdən necə çıxacağımı aydınlaşdıra bilmirdim. Bilmirdim ki, imtahanlar qurtardıqdan sonra müəllimlərəmi, yoxsa Əzizəyəmi təşəkkür edim.
Əzizə mənə yaxınlaşdı. Əlimi sıxdı:
– Səndən incimirəm. Görünür, müharibə sənin əsəblərini də, özünü də, hislərini də kobudlaşdırıb. Mənim sənə qarşı olan qayğı və nəvazişimin mahiyyətini də başa düşə bilmədin. Dördillik müharibə biz qızları ən azı beş-on il qocaldıb. Axı mən qardaşımı itirmişəm. Heç bilirsənmi bacı üçün qardaş dərdi nə deməkdir? Bəlkə, mən səndən qardaşımın ətrini duymaq istəyirdim?!
O, əlini üzünə tutdu. Mən özümə gələnəcən bayıra çıxdı.
…Əmri divardan asmışdılar: "Hərbi xidməti nəzərə alınaraq üstünlük verilsin". Kağızı divardan qopartdım. Ovcumda əzişdirib içəri girdim. Aspirantura müdirinin gözləri iriləndi və o, yerindən qalxıb divara qısıldı.
– Əmri dəyişdirin!
– Nə üçün? Biz ki sənə üstünlük vermişik.
– Mənə üstünlük yox, vicdan və ədalət lazımdır.
Ovcumda əzişdirdiyim kağızı stolun üstünə atdım. Qapını çırpıb çıxdım. Bir də gözümü açanda gördüm ki, evdəyəm. Bakıdan birbaş kəndə gəlmişəm.
On gündən sonra atamla məsləhətləşib başqa rayona təyinat almaq üçün Bakıya, nazirliyə getməyə hazırlaşdığım zaman bir teleqram aldım: "Professor üç gündür səni axtarır. Əlavə yer alıb. İkimizi də qəbul ediblər. Təcili gəl. Gözləyirik.
Sənin rəqibin".
1973
ZƏRBƏ
O, kənara çəkildi. Sol döşünün altından başlayan ağrının şiddətlənib kürəyinə verdiyini hiss etdikdə başa düşdü ki, yenə ürəyinin sancısı tutdu. Sifətindəki dəyişikliyi ətrafdakılara sezdirməmək üçün yönünü pəncərəyə çevirdi. Hər ehtimala qarşı yanında gəzdirdiyi dərmanı çıxarıb dilinin altına qoydu. Özünü elə göstərdi ki, guya pəncərədən harasa baxır.
O, son vaxtlar heç belə sarsılmamışdı. İclaslarda olmuş, elmi müzakirələrdə iştirak etmiş, haqlı-haqsız tənqidlər eşitmiş, hətta ondan böhtan və yalan dolu imzasız məktublar da yazmışdılar. Elə hal da olmuşdu ki, dünən dərs deyib yetirdiyi, qolundan tutub ayağa qaldırdığı, indi isə elmi dərəcəsi və vəzifəsi olan tələbələrinin bəzisi açıqcasına onu haqsız yerə əsəbiləşdirmişdi. Bütün bunlara dözmüşdü. Ancaq bugünkü kimi gözlənilməz və ağır zərbə almamışdı. Özü də dərs ilinin başlanğıcında, yoldaşları ilə görüşüb onların yeni dərs ilini təbrik etdiyi vaxtda.
Foyedə dayanmışdılar. Yay tətilindən qayıdan tələbələr onları əhatə etdilər. Gülə-gülə, sevinə-sevinə müəllimlərlə görüşdülər. Ancaq bir nəfər hamı ilə salamlaşdı, müəllimlərə bir-bir əl verdi, Ümid müəllimə yaxınlaşanda isə əlini geri çəkdi. Tələbələr təəccüb etdilər, müəllimlərin bəziləri özünü görməzliyə vurdu. Ancaq iş-işdən keçmiş, sərrast zərbə sövər yerdən dəymişdi.
Tələbə böyük bir iş görmüş kimi əllərini ciblərinə salıb uzaqlaşdıqda yoldaşları onu araya aldılar:
– Utanmırsan, Salman?
– Nədən utanmalıyam?
– O kişi sənə nə qədər yaxşılıq eləyib, bu da "sağ ol"undu"?
– Nə yaxşılıq eləyib?
– Bir semestr sənə cibindən təqaüd verib.
– Mənə nə? İmtahanda kəsməyəydi, canı çıxıb pul da verməyəydi.
Bunu hamı eşitdi. Salman elə bil qəsdən belə edir, mümkün qədər ucadan danışırdı.
Dərman Ümid müəllimin ürəyinə soyuqluq gətirdi. Bu sərinlik ürək nahiyəsinə keçdi və elə bil onun nəfəsi genişləndi, köksünü ötürürmüş kimi sinəsini qabardıb ciyəri dolusu hava aldı. O hiss etdi ki, ürəyindəki sancı aza lır, rəngi yavaş-yavaş özünə gəlir. Qəribə idi: "Doğrudan da, Salman niyə belə etdi? Bəlkə, mən haqsızam?" Ümid müəllim ani fikrə getdi. Olub-keçənləri aydınlaşdırmağa çalışdı…
Bileti çəkəndə Salmanın əlləri titrədi. Tələbəyə yaraşmayan enli, bir az ucları şiş bığının örtdüyü qalın dodağı səyridi. Rəngi əvvəlcə qaraldı, sonra ağarıb kətan kimi oldu. Bileti sezilmədən geri atıb təzəsini götürmək istədi. Müəllimin baxdığını görüb dayandı. İcazə istəməli oldu.
– Dəyişmək olarmı?
– Buyur, ixtiyarın var.
İkinci bileti çəkdi. Elə bil əli qızarmış dəmirə toxundu. Diksinib geri atdı. Gözünü yenidən Ümidin üzünə zillədi. Bu dəfə lal baxışları ilə üçüncü bileti çəkməyə icazə istədi. Ümid dinmədi. Qanunsuz olsa da, başının işarəsi ilə razılıq verdi. Salmanın üzü gülümsündü. Bununla da müəllimin ürəyiyumşaqlığından, mərhəmətindən razı qaldığını bildirdi. Bu dəfə bileti çəkib arxaya getdi. Kağız-qələm çıxardı. Gah telini sığalladı, gah alnını qırışdırdı, gah da qoyun-qoltuğunu eşələdi. Ümid onun nə axtardığını başa düşsə də, tələbəsinin bütün hərəkətlərini görsə də, dinmədi. Hadisənin nə ilə qurtaracağını səbirlə gözlədi.
Uşaqlar bir-bir cavab verdilər. Salman tərpənmədi. Ondan sonra bilet çəkənlər qabağa düşdülər, o özünü görməzliyə vurdu. Sağı-solu boşaldı. Otaqda bir müəllim qaldı, bir də çoxdan cavab verib Salmanı gözləyən sinif yoldaşları. Deyəsən, axır ki, vəziyyəti başa düşdü. Ləngiməyin mənasızlığını görüb ayağa durdu, könülsüzcəsinə Ümidin qarşısında oturdu. Susdu. Yazdıqlarını o üz-bu üzə çevirdi, cibdə gəzdirməkdən qat kəsmiş kağızları sığalladı.
– Buyur.
– Birinci sualım… bilirsinizmi, müəllim, mənim bəxtim yoxdur, həmişə imtahanda bilmədiyim suallar düşür.
– Bildiklərindən danış.
– Çox sağ olun, bu saat, qoyun yadıma salım.
Salman nəyi isə xatırlamağa çalışdı. Ümid onun çirkli köynəyinə, düyün yeri işıldayan qalstukuna, döş cibləri şişmiş pencəyinə baxdı. Salmanın təqaüdlə dolandığını yəqin etdi və çalışdı ki, onu çətinə salmasın. Bəlkə, elə doğrudan da çaşıb, imtahanın zəhmi ağırdır. Deyirlər, hətta imtahan adı gələndə Napoleon da titrəyirmiş.
– Tapşırılan əsərlərdən oxuduğun varmı?
– Bəli, müəllim, hamısını oxumuşam.
– Bir-ikisinin adını de…
– Birinin adı bu cürdür… qalın kitabdır. Bir az dayanın…
– Heç yerə getmirəm, fikirləş.
Salmanın alnında tər göründü. Ümid gözünü yayındırıb arxada oturan uşaqlara baxdı. Ani olaraq fikir ləşdi ki, görəsən, Salman qəbulda müsabiqədən necə keçib? Axı bir yerə beş ərizə var idi. Əgər öz gücü ilə daxil olubsa, bəs mənə niyə elə cavab vermir? İnanmıram ki, kiməsə rüşvət verə, axı vəziyyəti, deyəsən, yaman ağırdır? Bəlkə, kimsəsizin biridir? Bəlkə, əri əsgərlikdən qayıtmayan, cavan ikən dul qalmış və ömrünü-gününü yeganə balasına, ərinin yadigarına həsr etmiş yazıq bir ananın göz dikdiyi təkcə övladıdır?
– Yaxşı, bala, – Ümidin səsi daha da yumşaldı, uşaqlara elə gəldi ki, müəllim bu saat durub Salmanın başını sığallayacaq, – ürəyin istəyən mövzunu seç, danış.
Salman dəsmal çıxarıb tərini sildi. Bir-iki dəfə öskürdü. Ümid sevindi ki, deyəsən, tələbəsi özünə gəldi, indicə cavab verəcək, onun da qiymətini yazanda ürəyi ağrımayacaq. Qəribə xasiyyəti vardı. Bəzən yoldaşları, lap elə özü də özünü danlayırdı ki, niyə əziyyət çəkirsən, bilmir – "pis"ini yaz getsin, özün də papağını yan qoy, gəz. Elə gərək fikirləşəsən? Evə gəlirsən – əsəblərin gərgin, dindirəni acılayırsan, xəlvətə salıb dərman içirsən, gecə də gözünün yuxusu qaçır. Ya da bildi-bilmədi, hamısına qiymət yaz getsin. Tələbə də səndən razı qalsın, qohumları da. Dekan da razı qalsın, kafedra müdiri də, elə rektorluq da. Axı hamıya faiz lazımdır. Elə lap nazirlikdə də əvvəlcə mənimsəmə faizi ilə maraqlanırlar. İmtahanda səndən kəsilən olmasa, yaxşı müəllim kimi hər yerdə təriflənəcəksən. Oxumurlar, cəhənnəmə oxusunlar, dünyanı sən ha düzəltməyəcəksən? Bəsdir, az donkixotluq elə.
Ancaq birdən gözünün qabağına gətirirdi ki, onun savadsız buraxdığı tələbələr sabah yüz minlərlə uşağı şikəst edəcək. Əgər bütün müəllimlər tələbkarlıqdan əl çəksələr, bizim axırımız nə olar? Adam gərək təkcə özünü yox, mənsub olduğu cəmiyyəti, xalqını düşünsün. Hətta o, bir dəfə yoldaşları ilə mübahisədə qızışmış, lap Oqtay Eloğlu kimi monoloq da demişdi: "Əgər sizin dediyiniz kimi etsək, ədaləti unutsaq, qəribə bir mənzərə yaranar. Elə bir gələcək yaradarıq ki, orada müəllim savadsız, müstəntiq savadsız, həkim savadsız, mühəndis savadsız, hakim savadsız, məhkum savadsız olar. Yox, bizə diplomlu savadsızların yığımından ibarət olan gələcək lazım deyil. Mən sizinlə razılaşıb belə bir fəlakətə dözə bilmərəm".
Ümid fikrinin çox uzaqlara getdiyini hiss edib yerində tərpəndi:
– Buyur, bala, gözləyirəm.
– Bilirsinizmi, müəllim, inciməyin, sizin heç pedaqoji ustalığınız yoxdur. Adamın üzünə elə zəhmlə baxırsınız ki, bildiyini də yadından çıxardır.
Ümid bu gözlənilməz cavabdan diksinsə də, gülümsündü:
– Yaxşı, Salman, mən nə etməliyəm?
– Tələbəyə fərdi yanaşmalısınız.
– Bunu necə başa düşək?
– Gərək özünüz biləsiniz.
Müəllimin daxili təmkininin pozulduğunu Salman da, tələbələr də hiss etdilər. Onlar yaxşı bilirdilər ki, Ümid müəllimi fikrindən döndərib yalandan qiymət yazdırmaq olmaz. O, yumşaqlığı qədər də tələbkar idi.
– Salman, bunlar hamısı bəhanədir. Get, hazırlaş gəl.
Salman hirslə ayağa durdu. Stol, stullar silkələndi. Onun gur səsindən divarlar da cingildədi:
– Siz elə birinci kursdan mənim gözümdən almısınız, qol-qanadımı sındırmısınız. Qəsdən məni dolaşdırırsınız. Vicdan da yaxşı şeydir.
– Düz deyirsən, bala, vicdan yaxşı şeydir.
Salman, müəllimin eyhamını başa düşmədi. Qapını çırpıb getdi. Onun əvəzinə xəcalət çəkən sinif yoldaşları utandıqlarından barmaqlarının ucunda otaqdan çıxdılar.
…İki gündən sonra Ümidi Moskvaya müşavirəyə göndərdilər. O, yola düşməzdən əvəl dekanlığa gəldi. Xahiş etdi ki, əgər Salman o biri imtahanlardan müvəffəq qiymət alsa, şərti olaraq mənim də qiymətimi məqbul hesab edin, yazıqdı, təqaüddən qalmasın. Dekan etiraz etmədi. Salmanın adını dəftərçəsinə yazıb nəzərə alacağına söz verdi.
Ümid Bakıya qış tətilindən xeyli sonra qayıtdı. Elə ilk mühazirədə gözləri ilə Salmanı axtardı. Tapmadı. Yoldaşlarından soruşdu, gördüm deyən olmadı. Dərsdən sonra yataqxanaya getdi. Komendant dedi ki, tətildən sonra gəlməyib. Bir-iki gün də gözlədi. Belə hallar çox olurdu. Tələbələr bəzən yolpulu tapa bilməyib ləngiyir, ya da analarından ayrıla bilmirdilər.
Bir həftə də keçdi, ancaq Salman gəlmədi. Ümid dekanla görüşdü. İmtahan vərəqələrini yoxlatdı. Aydın oldu ki, Salman bütün imtahanları verib, ancaq bir kəsiri olduğundan təqaüdə düşməyib. Dekan əvvəlcə üzrxahlıq elədi, xahişi unutduğunu söylədi. Ümidin narazı qaldığını gördükdə isə ciddiləşdi:
– Məni saxtakarlığa niyə sövq edirsiniz? Ürəyi yanan idiniz, qiymətini düzəldəydiniz.
Haqlı idi. Düz sözə nə deyəsən?
– Heç olmasa, onun ev ünvanını mənə verin.
Dekan zəngi basdı. Katibə gəldi. Salmanın ev ünvanını Ümidə verdi. Müəllim elə o günü teleqram vurdu ki, Salman Bakıya gəlsin.
İnstitutun girəcəyində qarşılaşdılar. Ümid əziz adamını görmüş kimi sevincək ona yaxınlaşdı:
– Dərsə niyə gəlmirsən?
– Oxumaq istəmirəm.
– Niyə?
– Dolanmaq çətindir. – Salman başını qaldırıb Ümidin üzünə baxdı. Bu baxışlarda xəcalətmi, yoxsa məzəmmətmi olduğunu ayırd etmək çətin idi. – Birtəhər təqaüdlə başımı girləyirdim, onu da kəsdiniz.
Ümid fikrə getdi. Doğrudan da, cavan bir oğlanın institutu ikinci kursdan yarımçıq qoyub getməsinə bais olmaq insafdan deyildi. Bəlkə, onun bütün həyatı, gələcəyi bu anda ondan asılıdır? İnstitutda qalsa, ağıllanıb çalışar, oxuyar, əməlli-başlı ali təhsil alıb sənət sahibi olar. Getsə, kim bilir, kimlərə qoşulacaq? Belələri azmı pis adamlarla rastlaşmış, oğruya, caniyə çevrilmişdir? İnsan taleyi ilə oynamaq və onu şikəst etməyin özü ən böyük cinayət deyilmi?! Əgər ona indi kömək etməsəm, bütün ömrum boyu vicdan əzabı çəkmərəmmi?!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/arthur-konan-doyle/hekay-l-r-68289349/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.