Hekayələr
Cəlil Məmmədquluzadə
Hekayə ustaları
Bu kitabda görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin ən məşhur hekayələrini yeni təqdimatda oxuyacaqsınız. Həmin hekayələrdə XX əsrin əvvəllərindəki cəmiyyətimizin sosial-məişət problemləri əks olunur.
Cəlil Məmmədquluzadə
Hekayələr
BUZ
Mən on yaşında, ya bəlkə, bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.
Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu, Məşədi Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd[1 - Nüsxəbənd – xalq təbabətində: qədim tibb kitablarına baxıb dərman yazan şəxs, yaxud həmin dərmanlar və onların hazırlanmasından bəhs edən kitab.] kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi.
Bu müsəlman həkimlərindən savayı, şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə deyirdilər ki, bunlar Rusiyada və bəlkə, Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu etiqad var idi ki, rus həkimləri müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər, onunçun da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq[2 - Haziq – çox bilikli, çox mahir] hesab edib onları dəvət edərdilər; savayı kasıb-kusubdan. Bunlar iki abbası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub beş-altı şahı ilə həkimi də, dava-dərmanı da ötüşdürərdilər.
Demək, müsəlman həkimi çağırmaq istəyəndə buradan bilmək olardı, azarlının azarı yüngüldür. Amma rus həkimi gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur.
Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri Məşədi Zülfüqar bir köhnə faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi rus həkimi imiş. Buradan mən anladım ki, xalamın işi xarabdır.
Mən də uzaqda durub həkimin xalama baxmağına tamaşa edirdim.
Xülasə, baxdı qurtardı və bilmirəm, nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və dedi:
– Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə… həkim deyirdi.
Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boş dava şüşəsini əlinə alıb mindi faytona, həkimin yanına və sürüb getdilər. Və fayton istəyirdi uzaqlaşa, atam evimizə tərəf ucadan dedi:
– Ay uşaq, buzu yaddan çıxartmayın.
Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarşabı yerə tullayıb çökdü xalamın yanına və bu da mənə təkid elədi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki, xalamın ürəyinin üstünə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər.
Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum, gedəm düz baqqal çarşısına[3 - Çarşı – dükanlar olan yer, qapalı bazar] və buzu alam gətirəm. Və şəhərdə oradan savayı bilmirdim harada buz satırlar.
Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm , çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı:
– Qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir.
Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun “hov, hov” səsi gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlərlə də bir acığı yox idi və olmazdı. Hacı Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də məni bir qədər qovalardılar, amma tuta bilməzdilər, çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq gücsüz və əlacsız durduğu yerdə “hov, hov” edərdi. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin elə bərk acığı tutardı ki, məni boşlayıb, başlardı yazıq qoca iti daşlayıb incitməyə.
Bu da mənə, nəhayət, xoş gələrdi. Belə olanda Şirəli itin acığını istərdi dönüb məndən alsın və çox vaxt olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaşardıq ki, yol adamları bizi gəlib aralardılar.
Çünki dəxi Şirəli qapıda görsənməzdi, mən də itin hürməyinə qulaq vermədim və xalamı da mülahizə elədim, yəni bir növ yazığım gəldi və keçib-getdim.
Baqqal çarşısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı və bu buza baxdı, buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə.
Buzun ağırlığı olardı təxminən beş girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından[4 - Rasta – dükanların yerləşdiyi kiçik düz küçə, dükanlar sırası] çıxdım günün qabağına. Hava şiddətli isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın[5 - Nisfünnəhar – günorta] günü əgər bir imam möcüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz şiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz daş götürmüşdüm, hərdənbir buzun böyrünə vurub əzirdim və basırdım ağzıma və alnıma.
Gəldim çatdım Hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Şirəli genə görsənmirdi. Hacı Bayramın darvazasının qabağına yetişəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs nə qapıda, nə küçənin bir yanında görükmür, yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib.
Adətkərdə olmaq yaman imiş və mənim də adətim buna idi ki, bircə gün olmayıb ki, bu darvazanın qabağından ötüb-keçəndə ya it mənim qabağıma çıxmasın, ya Şirəli çıxmasın. Və məlum ki, bunların da biri çıxanda mənim üçün burada məşğuliyyət olmasın; ya iti daşlamayım, ya Şirəliylə söyüşməyim və hərdənbir də onunla dalaşmayım.
Bəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daş götürdüm, öz evimizə tərəf bir qədər də uzaqlaşdım ki, bir həngamə törəsə, mənə əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım Hacı Bayramın darvazasına və qaçdım, daha da uzaqlaşdım.
Daldan köpəyin səsini eşidirdim. Qoca it xahi-nəxahi[6 - Xahi-nəxahi, xahü naxah – könülsüz] çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa edirdi.
Əlimdəki o biri daşı da tulladım. Daş itin başının üstündən ötüb-keçdi, şaqqıltı ilə dəydi Hacı Bayramın darvazasına. Burada köpək, deyəsən, acığa düşdü, çünki mənə tərəf başladı hürməyə. Mən qorxumdan qaçdım, bir qədər uzaqlaşdım və çönüb geri baxanda gördüm ki, itin dalıyca Şirəli də mənə tərəf hücum edir.
Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim, bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyin nə dişi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki Şirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim.
Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb başladım Şirəliyə tərəf tullamağa. Bu da mənə baxıb, durdu məni daşa basmağa. Köpək də ancaq mən atdığım daşlara özünü çırpırdı və bundan başqa sahibinin oğluna bir qeyri kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daşlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu qəbildən idi: “Ay sənin ananı… filan və filan…”, “Ay sənin bacının… filan və filan”. “Köpək oğlu və it oğlu” söyüşləri burada o qədər vec vermirdi, səbəb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyüş göndərdim ki, Şirəli qeyzindən ağladı və haman söyüşü ağlaya-ağlaya mənə geri qaytaranda öz atası Hacı Bayram həyətdən eşitdimi, eşitmədimi, ancaq gördüm ki, kişi düz gəldi yapışdı oğlunun qulağından və çəkə-çəkə apardı həyətinə və dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi:
– Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən? Mən dinmədim və oturdum divarın dibində. Ürəyim elə yanırdı ki, az qalırdım yerdəki buzu götürəm soxam boğazıma. Buz da öz işində, əriməkdə idi. Genə özümü saxlaşdıra bilmədim və əlimdəki daşnan buzun bir tərəfini əzdim basdım ağzıma və bir alma yekəlikdə qalan buzu istədim qoyam yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Şirəli durub darvazasının ağzında və mənə tərəf baxır. Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Şirəlidən elə bir söz eşitdim ki, dəxi məcbur oldum dayanam və ona cavab verəm.
Şirəli uzaqdan məni haraylayırdı:
– Hə, beləcə it kimi qorxub qaçarsan ha!
Allahü-əkbər… Axı bu söz yaxşı söz olmadı. Burada Şirəli mənə hər nə desə idi, genə qulaqardına vurub özümü yetirərdim evə, çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma axı Allah da görür ki, Şirəli nahaq söz danışdı, çünki mən onun nəyindən qorxurdum ki?!. İndi gedirəm evə.
Mən çöndüm dayandım və Şirəliyə belə cavab qaytardım:
– Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum?
– Köpək oğlusan da, it oğlusan da!
Biz başladıq bir-birimizə yavuq[7 - Yavuq – yaxın] gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə, mən ona yavuq gəldik və bir-birimizə söyə-söyə yetişdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da əlbəyaxa olduq.
Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, qoca bir kişinin qucağındayam. Bir nəfər də çarşablı arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim, qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum, kürəyimdə naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım.
Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı: yumruğunu qalxızmışdı genə yendirsin, qoyub qaçdım evə tərəf.
Xalamın ərini dalımcan gələn görmədim, yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.
Utandığımdan azarlının yanına getmədim, ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:
– A balam, sənin görüm ciyərin yansın, necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın.
Xalam məni çox istərdi, onunçun da sonra mən bildim, anam mənə bu qarğışı eləyəndə xalam anama belə deyib:
– Ay qız, Sara, sən Həzrət Abbas, uşağa elə qarğış eləmə!
Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım və nə də dərd elədim, necə ki, cəmi mənim kimi bacıuşağı xalasının ölümünə nə ağlar və nə də dərd edər.
Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.
Nədi o? – Onun adı “buz”dur.
Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə, salamat adamın da vaxt olur ki, ciyəri yanır.
Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin. Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri və marojnalarına sərf olunur. Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki gün sonra ölüb getdi.
Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taxsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub, xalamın buzunu odlu torpağın içində əritdim? Ya, bəlkə, günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə, günah heç birimizdə deyil?! Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir.
Məqsəd suallara cavab vermək və belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.
Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda, xalamın “ciyərinin yanmağı” yadıma düşür.
Nə qədər ki uşaq idim, yadıma düşməzdi, elə ki yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər bir yeri düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza həsrət qoymağım yadıma düşür.
POÇT QUTUSU
Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır, belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə, çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki qorxurdu, qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri-mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:
“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş[8 - Fərş – döşənəcək (xalça, palaz, cecim və s.)] salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt[9 - Pişəzvəqt – qabaqcadan, əvvəlcədən] təmizlənsin və isinsin, bəlkə, naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
Sənin xeyirxahın Vəli xan. 12 noyabr”.
Xan kağızı büküb qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta, amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi İtqapan kəndinin əhli Noruzəlidir. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfər də Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb, ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:
– A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?
Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi:
– Bu, nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam…
Bu sözü deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə… çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin, Noruzəli aparıb salsın poçta.
Xan üzünü tutdu qonağa:
– Noruzəli, poçtxananı tanıyırsan?
Noruzəli cavab verdi:
– Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?
– Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?
– Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katta çox incidir. Əslinə baxsan, bizim bu kattamız özgə tayfadandı; odu ki bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim…
– Hələ bu sözləri sonra deyərsən. Qulaq as, gör nə deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı, haman qutunun qapağını qovza[10 - Qovzamaq – qaldırmaq], kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!
Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi, kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:
– Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!
– Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.
– Yox, yox… Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.
– Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.
– Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal, gəl!
Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:
– Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.
Novruzəli əlini saldı cibindən dən çıxarsın… Xan ucadan səsləndi:
– Yox, yox!.. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta!
Noruzəli əl ağacını götürüb başladı uşaq kimi qaçmağa. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana:
– Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-qulaqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar.
Xan daha ucadan səsləndi:
– Daha uzun danışma. Qaç, kağızı sal, vaxtı keçir.
Noruzəli istədi uzaqlaşsın, xan onun dalınca çığırdı:
– Noruzəli, bilməzsən, kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!
Noruzəli dəxi də ucadan cavab verdi:
– Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz.
Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi… Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:
– Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.
Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:
– Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib?
Xan cavab verdi:
– Ədə, o şeyləri yerbəyer elə! Onları bizə itqapanlı Noruzəli sovqat gətirib.
Nökər cücələri və yumurtaları apardı aşpazxanaya və ulağı sürüb qatdı tövləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb gətirdi tutdu xanın qabağına və dedi:
– Xan, yaxşı ağ undu.
Xan una baxandan sonra buyurdu nökərə, küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.
Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə, Noruzəli kağızı poçta salıb, özünü verdi bazara, çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi.
Xan nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harada qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi, polis yasovolu dayandı qapıya və xanı görcək dedi:
– Xan, pristav buyurur, gələsiniz polsaya[11 - “polis” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür] və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta[12 - Navaxt – köhn. qazamat, həbsxana].
Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi:
– Balam, o kətdi bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb?
Yasovul cavab verdi:
– Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yaxşı olar, yoxsa yazıqdı o kişi.
Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dustaqların damına baxıb gördü ki, yazıq Noruzəli bir neçə dustaq ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çuxasının ətəyi ilə silir…
Xan Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Noruzəli həyətə girən kimi başladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Novruzəlini yanına çağırıb dedi:
– Di indi əhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən, yəni hamısını birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi…
Noruzəli durdu ayağa, xana yavuqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı:
– Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm, kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu, həyə[13 - Həyə – əgər] ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar, bir qələtdi eləmişəm, ta neyləmək? İşdi, belə oldu. Bular hamısı Allahdandı. Gərək belə olaymış. Bağışla məni, xan. Mən ölənə kimi nökərəm sənə…
Bu sözləri deyib Noruzəli bir az da yavuqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi:
– Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım?
– Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə, qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi.
– Kim kağızı qoydu cibinə, qoydu getdi?
– O kafir oğlu urus, dana!
– Hara qoydu getdi?
– Getdi girdi orada bir yekə dam-daş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora.
Xan bir qədər duruxdu:
– Bəs sən kağızı qutuya salmadın?
– Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı.
– Qutuda sən saldığın kağızdan başqa, ta özgə ka-ğız yox idi?
– Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə onların hamısını yığışdırıb apardı.
Xan qah-qah çəkib güldü.
– Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın.
Noruzəli başladı.
– Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım, çünki yadımdan çıxdı, səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında, havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.
– Yox, Noruzəli, sənin işin yoxdu… De, de, sonra necə oldu?
– Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum, sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz, çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım, soruşum ki, desin görək, bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi, heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı, bir urus arvadı tez-tez gəlib qutuya yavuqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm, gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm, xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox başağrısı verirəm, məni bağışla, oğlana buyur, gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.
– A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm, sonra necə oldu?
– Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi, düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim, Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.
– Hələ tələsmə, gedərsən… Sonra necə oldu?
– Qoy görüm harada qaldım… Ədə, qoyma, qoyma, ulağ tənəkləri sındıracaq.
Noruzəli istədi, qaçsın ulağın yanına, xan qoymadı.
– Noruzəli, getmə, hələ getmə. De görüm, sonra necə oldu?
– Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim, barı mənim xanımın kağızını ver. İllah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzüüstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından soldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın, məni indi çoxdan göndərmişdilər Sibirə, çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o urus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?
Xan çox güldü, çox qah-qah çəkib güldü.
Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.
Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, kağızın yetişib və otaqlar hazırdı. Xan yığışıb getdi İrəvana.
Ay yarımdan sonra Noruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər, amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi, ancaq bu xəbər İrəvanda Vəli xana çatdı. Xan bir qədər fikir elədi.
Saqqallı uşaq
Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu, ondan ötrü ki, həyə sən yaxşı uşaqsan və könlün məşq eləmək istəyir, götür kağız-qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.
İndi keçək nağılımıza.
Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyillər, çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır, qulaqları da, deyəsən, var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.
Xoşuma gəlmədi, çağırdım uşaqları:
– Ədə, genə divarları yazırsınız?
Üçü gəldi durdu yazının qabağında.
– Hansınız yazmısınız?
Üçü də dandı.
– Elədə pəs şeytan yazıb?
– Dədə, vallah, mən yazmamışam.
– Dədə, mən də yazmamışam.
Balaca Qurban da: “Mən yazmamışam” – deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.
Mən deyinə-deyinə bir əsgi tapıb yazını təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: – Sən yazmısan, Teymur da Heydərə deyirdi: – Sən özün yazmısan.
Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki bir böyük xəbər gətirib.
– Dədə, o yazını Heydər yazıb, vallah, dədə, Heydər yazıb.
Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı, əllərini soxa uşağın gözünə. Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:
– Mən sizdən o qədər divarı yazmağınızdan ötrü incimirəm, nə qədər ki sizin danmağınıza inciyirəm, sizin qorxudan yalan danışmağınıza inciyirəm. Ona inciyirəm ki, söz yox, divarı yazan üçünüzdən birinizdi, amma üçünüz də and-aman eləyirsiniz ki, siz yazmamısnız. Pəs sizdən savayı bu evdə uşaq ki yoxdu.
Genə uşaqlarım başladılar and-amanı, bir-biri ilə deyişməyi.
Aradan beş-on gün keçmişdi. Haman divarda, qapının dalında, haman davalı cızma-qara pozulan yerdə gördüm, genə haman yazı: heyvan kimi bir şeyə oxşayır, altında bir neçə əlif yazılıb, yanında bir neçə yumru yazıya oxşar bir şey çəkilib.
Hirsləndim. Uşaqları çağırdım. Genə haman and və qəsəm, genə bir-birinin üstünə atmaq, genə göz yaşı.
Mən bu dəfə o qədər incidim ki, o günü bidamağ oldum və çörək yeyə bilmədim. Ürəyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə; həmi mənim tərbiyəmi pozub divarı xarab edir, həmi and-aman ilə mənə bu qədər bərk-bərk yalan satır və beləliklə, öz qorxaqlığını açıq-açığına bildirir.
Bu da keçdi və bir iki aydan sonra bu giley-güzar başladı yaddan çıxmağa.
Amma bir gün mən gecə bərk dilxor oldum. Balkondan keçirdim, gördüm, divarda genə haman cızma-qara, haman heyvana oxşar bir şey, altında bir neçə əlif, yanında bir neçə yumru-yumru yazılar.
Bu dəfə uşaqlara bir söz dəxi demədim, öz-özümə fikir elədim ki, əgər mənim uşaqlarımın biri inada düşüb məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim, bəlkə, öz-özünə düşünə ki, bu iş özü hər babətdən pis işdir.
Digər tərəfdən də məni məşğul edən tərbiyə məsələsi idi ki, aya, görək mən uşaqlarıma verdiyim tərbiyənin hansı bir tərəfi yanlış yola düşüb; aya, görək mən kimi bir qoca mürəbbinin səhvi harada olub və bundan sonra uşaqlarım barəsində bəslədiyim rəftarın hansı tərəfinə təğyir[14 - Təğyir – dəyişmə, dəyişiklik etmə] verməliyəm…
Böyük şəhərdə yaşamaq çox babətdən rahatçılıqdır. Xüsusən bazar-dükanda cəm olan dünyanın hər bir neməti – yeməli və içməli qəbilindən – hamısı həməvəqt[15 - Həməvəqt – hər vaxt, həmişə] şəhər əhli üçün mühəyyadır[16 - Mühəyya – hazır]. Və bazar-dükandan əlavə heç bir məta[17 - Məta – satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal.] yoxdur ki, onu əllərdə gəzdirməsinlər və, sənin öz qapına gətirib satmasınlar; meyvə, pencər[18 - Pencər – müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı] yağ, pendir və qeyriləri.
Bizim də bir müştərimiz var ki, ayda bir, həftədə bir sağ əlində bir vedrə yağ, sol əlində bir səbət yumurta, çiynində tərəzi hıqqına-hıqqına pilləkənləri çıxar yuxarı və bizə salam verəndən sonra həmişə belə deyər:
– Qab gətirin.
Ev adamı və uşaqlar və gahdan bir mən özüm də həməvəqt çıxarıq bunun qabağına, salamını alarıq, kefini soruşarıq və sonra gətirdiyi əşyaya tamaşa edib qiymətini xəbər alarıq. Bu da həmişə belə cavab verər:
– A kişi, qiymətini bilirsiniz, qab gətirin.
Və bu növ sual-cavabın nəticəsində müştərimiz bizə bir neçə girvənkə yağ çəkib verər, bir qədər yumurta sayıb verər. Pulumuz olanda alar, olmayanda da nisyə qoyar gedər ki, bir də yolu düşəndə gəlsin.
Bu kişinin adı Kəblə Əzimdir və yaşı qırx-qırx beş, ucaboy, bir kasıb və fağır İran əhlidir.
Dünən Kəblə Əzim yenə yağ və yumurta gətirmişdi. Yağı çox təriflədi ki, Dərbənd yağıdır, çıxarı çox az olacaq, özü də kəhrəba kimi, yeyəndə ətrindən doymaq olmayacaq; yumurtaları da guya Qurnaşın kəndindən gətirib, oranın toyuqları çəmənlərin otundan və çiçəyindən başqa bir şey yemirlər.
Yağdan beş-altı manat, yumurtadan da genə bir qədər borcumuz qaldı. Çünki o günü xırda pulumuz olmadı (yəni böyük pulumuz da yox idi). Kəblə Əzim şey-şüyünü götürdü və çıxdı dalana ki getsin, mən də girdim otağa. Birdən yadıma düşdü ki, Kəblə Əzimə tapşıra idim, Ərdəbildən təzəliklə gələn olsa, mənə xəbər versin. Ərdəbil fazili Mirzə Ələkbər ağa barəsində əhval bilmək istəyirdim (çünki Kəblə Əzim özü ərdəbilli idi).
Tez çıxdım dalana və gördüm ki, kişi yağı və yumurtanı qoyub yerə, keçib qapının dalına və bir gödək karandaşın ucunu ağzına soxub fikrə gedib. Divarda heyvana oxşar bir cızma-qara çəkilib, altından bir neçə əlif, yanında bir neçə girdə şey. Mən çox təəccüb elədim və əhvalım da birdən nədənsə dəyişildi. Kəblə Əzim mətləbi duydu və mən soruşmamış dedi:
– Molla əmi, doğrusu, mənim dərsim-zadım yoxdu, bu, bir yaddaşdı, yazdım ki, hesablar dolaşmasın.
Mən qəh-qəh çəkib güldüm. Kişi də bir az gülümsündü. Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?
Mənası bu imiş: Kəblə Əzim istəyirmiş, bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş. Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:
– Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin.
Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar:
– Dədə, bunu kim yazıb?
Dedim:
– Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi, ancaq bircə təfavütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.
Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.
BƏLKƏ DƏ, QAYTARDILAR
Yay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam, çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur.
Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb, axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb.
Gündüzlər bulvarda rast gəldiklərim özüm kimi qələm sahiblərindən və teatr xadimlərindən olurdu.
* * *
Dörd-beş il bundan qabaq Bakıda yay fəsli bulvarda gəzən vaxt tez-tez bir belə hala rast gəlirdim: bulvarın dalda yerində, Naberejni küçəyə tərəf, ağacların dibində dörd nəfər müsəlman görərdim və mən bunların qabağından keçəndə çox vaxt bunların birinin əlində ruznamə[19 - Ruznamə – köhn. qəzet] görərdim və qalan üç nəfəri bunun ruznamə oxumağına qulaq asan görərdim. Amma mənə bir şey burada qəribə görünərdi. Nəzərimə belə gələrdi ki, bunlar suçlu[20 - Suçlu – təqsirkar] adam kimi tez-tez otərəf-butərəfə zənn edirlər, guya bir kəsdən ehtiyatları var və ya bir adam gözləyirlər.
Axırda iş açıldı, mən bunları tanıdım, tanış da oldum və hətta müsahib də oldum. Və bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi.
Bir gün, hətta tarixi də yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-də Türk Tənqid-təbliğ Teatrında xidmətdə olan məşhur Azərbaycan artisti Balaqədəşi bir işdən ötrü axtarırdım. Evə getdim – yoxdur. Çıxdım bulvara ki, bəlkə, orada görəm. Cəmiyyət az idi, çünki qulluq vaxtı idi. Dərya kənarı ilə birbaş dolandım və çöndüm indiki Tramvay küçəsinə tərəf və uzaqdan gördüm ki, haman dalda yerdə dörd nəfər həmişə gördüyüm adamlar oturublar. Mən istədim, qayıdam, bulvardan çıxam, çünki, doğrusu, bunlardan daha bədgüman olmuşdum. Allah rast saldı, Balaqədəş uzaqdan məni görüb, gəldi yanıma. Mən hər bir danışıqdan qabaq Balaqədəşə haman dörd nəfəri nişan verib soruşdum ki, bəlkə, o, onları tanıdı (Balaqədəş bakılıdır). Balaqədəş o tərəfə diqqətlə baxandan sonra başladı gülməyə və mənə dedi:
– Aha… Molla əmi, yaxşı oldu. Səni gərək aparam onların yanına.
Dedim:
– Getmərəm.
Balaqədəş dik baxdı üzümə və genə dedi:
– Sən öləsən, onlarda qiyamət var. Gərək səni onlarla tanış eləyəm.
Əvvəl mən dayandım və getmək istəmədim, amma artist rəfiqim başladı əlimdən çəkməyə. Bir az yavuqlaşdıq. Oturanların biri ayağa durdu və Balaqədəşi səslədi. Yetişdik, salam verdik, hamısı qalxdılar ayağa və bizə öz yerlərini təklif etdilər. Əyləşdik.
Balaqədəş mənim barəmdə onlara belə müərriflik etdi[21 - Müərriflik etmək – tanıtmaq, tanış etmək]:
– Bu mənim əziz və qədim dostum Molla Nəsrəddin əmidir ki, hətta bunun o məzəli jurnalını neçə dəfələrlə gülə-gülə oxumusunuz və oxuya-oxuya gülmüsünüz.
Hamısı diqqətlə üzümə baxırdılar və: "Bəli, bəli", – deyirdilər. Bundan sonra Balaqədəş üzünü mənə tərəf tutub onları da bu cür başladı mənə tanıtmağa:
– Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə milyona pul demirdi. Amma indi allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri papiros puluna möhtac eləyibdi. Ay namərd dünya!
Və burada Balaqədəş başladı bu "bədbəxtlərin" adını bir-bir sadalamağa. Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 karvansarası və 137 tikilisi vardı ki, indi hökumət hamısını əlindən alıb və bu qoca kişini indi yovmiyyə[22 - Yovmiyyə – hər gün üçün verilən xərc, haqq, maaş; gündəlik] ruzusuna həsrət qoyub.
Onun yanında oturan sabunçulu Umudbəyovdur ki, eşitmiş olarsan, çünki onu tanımayan yoxdur. Onun qabaqlarda ildə yarım milyon tək bircə neftdən mədaxili olardı. Bu tərəfdə əyləşən və ruznamə oxuyan cavan məşhur milyonçu və un taciri Tələfxanbəy oğludur ki, bunu da gərək eşitmiş olasan. Rusiyanın hər bir böyük şəhərində bunun atasının böyük-böyük dəyirmanları vardı və neçə paraxodu. Bax, hələ bu dəryada işlədiyini mən özüm görmüşəm. Bax, mənim bu yanımda oturan da mənim köhnə dostum və Gəncə mülkədarı Hacı Sultandır ki, Nikolay vaxtında nər-nər nərildəyirdi və Martınov qradonaçalnikə küçədə elə bir şallağ vurdu ki, səsi düz Peterburğa getdi çatdı. Genə o vədə Hacı Sultan ağaya bata bilmədilər. Gərək axı eşitmiş olasan.
Balaqədəş bu sözləri deyib qurtardı və sonra oturanlara tərəf əyilib yavaşca onların birinə belə dedi:
– Hacı Həsən ağa, heç bir zərrə qədər fikir eləməyin. Siz öləsiniz, saxlaya bilməyəcəklər, hamısını qaytaracaqlar.
Mən burada Balaqədəşdən soruşdum ki, o nəyi deyir "saxlaya bilməyəcəklər" və kim saxlaya bilməyəcək?
Artist rəfiqim mənə belə cavab verdi:
– Molla əmi, bax bu gün ayın neçəsidir?" Bəli, on ikisi deyilmi? Yadında saxla, bax söz burada qalsın (səsini bir qədər alçaltdı). Dostlarımın işini xarab görürəm. İngilislər bərk yapışıblar Çiçerinin[23 - Çiçerin Georgi Vasilyeviç (1872-1936) – sovet diplomatı] yaxasından və deyirlər: “Ya borcunu ver, ya çəkil kənara!”
Mən burada gördüm ki, təzə tanışlarım Balaqədəşin sözlərinə elə ürəkdən şadlanırlar ki, guya bunlara bir böyük müjdə xəbəri gətiriblər.
Mən bir söz demədim, səbəb bu ki, bu təzə tanış olduğum adamları indi birinci dəfədir ki, görürdüm.
Balaqədəş genə üzünü oturanlara tərəf tutdu və dedi:
– Tələfxanbəyzadə! Deyəsən, səndə təzə xəbər var! Mən görürəm ki, qəzetə çox diqqətlə baxırsan. Hər nə sözün var, de və Molla əmidən yana arxayın ol. Oxu, görək nə var, nə yox.
Tələfxanbəy oğlu ətrafa baxandan sonra yavaşca məndən soruşdu:
– Molla əmi, bugünkü xəbəri sən eşitmisən?
Dedim:
– Hansı xəbəri?
Dedi:
– Bəs ingilis hökumətinin Moskvaya verdiyi notasından xəbərin yoxdu?
Dedim:
– Xeyr, xəbərim yoxdu.
Tələfxanbəy oğlu genə ətrafına diqqət edəndən sonra cibindən bir əzik qəzet çıxartdı. Baxdım ki, bu həmin Bakıda çıxan "Raboçi"[24 - “Bakinski raboçi” qəzeti nəzərdə tutulur] qəzetidir.
Balaqədəş Tələfxanbəy oğluna tərəf yavuqlaşıb yavaşca dedi:
– Qorxma, adam-zad yoxdu. Oxu görək, nə xəbər var?
Tələfxanbəy oğlu başladı qəzetin bir yerindən oxumağa. Orada belə yazılmışdı: İngilis parlamanında Lord Kerzondan[25 - Corc Nataniye Kerzon (1859-1925) – ingilis ictimai-siyasi xadimi və diplomatı. Sovet hökumətinin Yaxın Şərq siyasətinə qarşı çıxmışdır.] əmələlər[26 - Əmələ – fəhlə, işçi] nümayəndəsi Matruş sual edir ki, aya, hal-hazırda ingilis və Şura münasibəti nə surətdədir? Və Lord Kerzon Matruşa belə cavab verib: "Bir surətdə ki, Şuralar hökuməti çar hökumətinin borcu barəsində müəyyən bir vəziyyətdə bulunmağa yavuqlaşmır, ingilis və Şura münasibətinin də aydınlaşmaq ümidvarlığı hələ çox uzaq görünür".
Əyləşənlərin bir-ikisi sevincək dedi:
– Gördün? A kişi, vallah, çox çəkməyəcək!
Balaqədəş neçə ki həmişə teatr səhnəsində camaatın qabağında mükalimədə olubdur, burada da oturanlara üzünü tutub, şairanə bir halətdə deyirdi:
– Bax, mən vaxt qoymuşam: payızın orta ayına kimidir. Ondan artıq çəkməz.
Hamı yavaşcadan bir səslə dedi:
– İnşallah, inşallah!…
Bir yarım saata qədər burada əyləşdik və axırı bu növ söhbətlərdən sonra bir-birimizə "inşallah" deyə-deyə ayrıldıq.
Bu minvalla həmin dörd əks-inqilabçılarla mən müsahib oldum. Çün bunlar bilirdilər ki, mənim əyalımın[27 - Əyal – köhn. ailə, külfət] 4 min desyatin sulu yerini hökumət alıbdır, bu səbəbdən məni özlərinə həmdərd qərar verib, heç bir sirri və heç bir təzə xəbəri məndən gizləmirdilər. Və hərdənbir, bulvarda mənə rast gələndə məni çox iltifatla saxlardılar, öz yanlarında əyləşdirərdilər və söhbətə tutardılar.
Mən bunu deyə bilmərəm ki, bu dörd nəfər müsahibin məclisi məndən ötrü o qədər də şirin idi, amma onlarda olan qəribə-qəribə xəbərlərdən də keçə bilmirdim; məsələn: Polşa hökumətinin qoşunu Şuralar torpağını keçib, bir neçə şəhərini alıbdır. İngilis gəmiləri gəlib dayanıb Arxangelski şəhərinə. Antanta hökumətləri müttəfiqən Şuraları əhatə ediblər. Moskvanın özündə çox böyük və pünhan[28 - Pünhan – gizli] daxili qarışıqlıqlar var…
Bir gün genə dostlarım bulvarda məni görüb öz yanlarına dəvət elədilər:
– Hə, Molla əmi, bəlkə, səndə bir təzə xəbərdən zaddan ola?..
Mən dedim ki, qəzetlərdə yazılandan savayı bir şey bilmirəm.
Umudbəyov istədi ki, bir söz desin, amma otərəf-butərəfə baxıb dayandı. Üç-dörd uşqol uşağı oynaşa-oynaşa keçirdilər. Umudbəyov genə ətrafa baxandan sonra məndən soruşdu:
– Bəs Molla əmi, sən bu qəzetləri ki oxuyursan, bəs o yazılardan heç bir işarə çıxartmırsan?
Dedim:
– Bilmirəm, nəyi deyirsən?
Umudbəyov genə cibindən bir əzik qəzet çıxartdı. Haman "Raboçi" qəzeti idi və başladı bir yerindən oxumağa:
– "Azərneft müdiri Serebrovski gedir Amerikaya, oradan təzə ixtira olunmuş buruğ maşınları alıb gətirsin".
Mən dedim ki, bundan mən bir işarə anlamıram. Umudbəyov bir az gülə-gülə məni belə başa saldı:
– Molla əmi, Serebrovski Amerikaya buruğdan ötrü getmir, gedir Bakı neft mədənlərini satsın Amerika milyonçusu Rokfellerə.
Qalan üç nəfər müsahib də bunu təsdiq elədilər və məndən soruşdular:
– Ağlın nə kəsir?
Dedim:
– Ağlım bir şey kəsmir.
* * *
Bəxtlərindən şikayətçi dörd nəfər müsahiblərimlə axırıncı görüşməyimiz yadımdan çıxmır.
Bir gün gəzə-gəzə mən də bulvara və artist rəfiqim Balaqədəş də bulvara çıxdıq. Biz orta xiyabanda görüşüb birbaş gəzdik və istədik, əyləşək burada. Uzaqdan gördük ki, politikaşünas həriflər haman dalda yerdə genə əyləşib söhbətdədirlər. Balaqədəş qah-qahla gülə-gülə məni genə onlara tərəf çəkməyə başladı və mən həvəslə tabe oldum və getdik. Həmişəki kimi xoş-beş… Əyləşdik.
Bugünkü təzə xəbər də bu idi ki, əvvəla, Lord Kerzon Çiçerinə genə təzə bir ultimatum verib və ikinci xəbər də bu idi ki, ingilis hərbi gəmiləri Batumun qabağında üzməkdədir və güman aparmaq olar ki, Batumu bu gün-sabah topa tutalar və əhali də qaçar osmanlı torpağına.
Bir qədər də bu növ danışıqlardan sonra mən durdum ayağa, Balaqədəş də mənə baxdı və hər ikimiz qalanlarla xudahafiz elədik və burada Hacı Həsən ağa mənim əlimi sıxanda belə dedi:
– Eh, Allah kərimdir, bəlkə də, qaytardılar.
Bu bir neçə söz ki, mən onu biçarə Hacı Həsəndən eşitdim, mənim üçün bir yadigar qaldı və bizlə onların mabeynində[29 - Mabeyn – köhn. ara, aralıq; orta, ortalıq] bir tarix oldu. Və dörd nəfər müsahiblərimizdən ayrılıb, bulvarın orta xiyabanına çönəndən sonra artist rəfiqim Balaqədəş – necə ki, həmişə səhnədə oxuyub oynamağa adət edibdir – öz-özünə çıtmığı tutdu və bir neçə yad adamın gözünün qabağında oxuya-oxuya və çıtmıq çala-çala düşdü oynamağa və oynaya-oynaya belə oxuyurdu:
Bəlkə də, qaytardılar,
Bəlkə də, qaytardılar.
Hər ikimiz gülə-gülə bulvardan çıxdıq və Parapet bağında ayrıldıq.
Balaqədəş daldan məni çağırdı, mən buna çönüb baxanda zalım oğlu burada da bir dəfə dedi: "Bəlkə də, qaytardılar". Mən də gülə-gülə getdim mənzilimə.
Axır söz
Daha mənim ümidim kəsilir və mənim kimilər də çoxları daha məyus olub, hərə yavaş-yavaş özünə iş axtarmağa başlayır. Yoxsa, bir vaxt vardı ki, mən də və mənim dörd nəfər həmsöhbətlərim də hər gün və hər saat müntəzir idik və qulağımız səsdə idi ki, bax bu gün-sabah iş bir təhər olacaq ki, mənim əyalımın da 4000 desyatin sulu torpağını özümə qaytaracaqlar və mənim bu dörd nəfər bulvar müsahiblərimin də milyonlara dəyən əmlakını və neft mədənlərini özlərinə qaytaracaqlar.
Gözlədik, gözlədik … axırı bir şey olmadı.
Hər gün görüşüb, danışırdıq, qəzetləri qurtdalayardıq ki, bəlkə, bir işarə tapaq. Avropadan və Türkiyədən gələnlərdən xəbər tutardıq ki, bəlkə, bir tərəfdən gələlər və işləri qaydaya qoyalar. Yoxsa, vallah, insaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Cahangir xanın on min desyatinindən özünə barı min desyatin də verməyələr, ya Musa Nağıyevin[30 - Musa Nağıyev – məşhur Bakı milyonçusu] iki yüz otuz yeddi əla tikilisini əlindən alasan və onun varisinə barı 5-10 ev qaytarıb verməyəsən ki, zəhmətə adətkərdə olmamış o biçarə zəhmət çəkməyə məcbur olmasın və camaat içində xəcalət çəkməsin.
Və müxtəsər, həmin müsahiblərimlə tez-tez görüşüb danışardıq, dərdləşərdik, bir-birimizə ürək-dirək verərdik və həmişə ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah, muradımıza çatarıq və inşallah, şayəd iş elə gətirdi ki, bəlkə, mülk və maaşımızı qaytardılar özümüzə.
"Bəlkə də, qaytardılar". – Bu idi gecə-gündüz bizim dilimizdə əzbər olan sözlər.
İndi də ki, Şura hökuməti öz yerində durub və indi daha mən və mənim sabiqdə dövlətmənd[31 - Dövlətmənd – dövlətli] dörd nəfər müsahiblərim dəxi hər yandan ümidimizi kəsdik və indi də 4 min desyatin sulu torpağın qədim sahiblərinə qaytarılmağını, 117 tikilinin öz sahibinə qaytarılmağını və 14 paraxodun və neft mədənlərinin köhnə sahiblərinə qaytarılmağını Vahid[32 - Əliağa Vahid (1895-1965) – Azərbaycan şairi, qəzəl ustadı] kimi şairlər nəzmə çəkiblər, musiqi bəstəkarları da haman şeirləri notaya düzüb musiqiyə salıblar və hər ziyafət məclisində və hər bir toyda və qonaqlıqda sazəndə və nəvazəndələr[33 - Nəvazəndə – köhn. çalğıçı, çalan] çalırlar və xanəndələr də oxuyurlar:
Bəlkə də, qaytardılar,
Bəlkə də, qaytardılar.
Cavanlar da çırtıq çırtırlar.
Qurbanəlİ bəy
Qoqol, Allah sənə rəhmət eləsin!
Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.
Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.
Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katta, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izin verilmirdi.
Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb “haff” eləyirdilər. Hərdənbir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: “tişe”, yəni “yavaş”. Və sonra genə girirdi içəri.
Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:
– Tez yarım girvənkə zəfəran tap.
Qlava: “baş üstə” – deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:
– Ada, Mirzə Həsən, durma tez şəhərə adam gön-dər, yarım girvənkə zəfəran gətirsin.
Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:
– Qlava, dörd-beş yüz yumurta lazımdır.
Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:
– Nə danışırsan? Burada mindən artıq yumurta var.
Birdən qaçaqaç düşdü, dedilər: “Naçalnik gəlir”. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi, guya qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib, girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.
Genə katlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə-toyuqların və qlavaların bağırtısı və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və kattalar atdan yenib, dolu xurcunları doldururdular həyətə. Bir ucdan kəndlilər dallarında qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin dibində quzuları və toyuq-cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər.
Birdən qaçaqaç düşdü; dedilər: “Naçalnik gəlir”. Qlavalar qaçdılar qapıya, xanım və qonaq çıxdılar balkona, tulalar tullandılar həyətə və bir qədər keçdi genə qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər[34 - “ofiser” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür, mənası zabit deməkdir.] imiş. Bu da atdan yendi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb kefini soruşdu və sonra girdilər otağa.
Bir qədər keçdi, genə qaçaqaç düşdü, genə dedilər: “Naçalnik gəlir”. Amma bu da yalan oldu. Adamları ara-ladılar, bu qonaq da girdi həyətə. Bu da Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi.
Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:
– Malades, sobak, – və sonra qalxıb, xanımı balkonda görüb çığırdı:
– İzdrasti! – və börkünü götürüb sağ əli ilə qalxızdı yuxarı və qışqırdı:
– Urra! – Sonra qalxdı balkona və xanıma baş əydi.
Xanım əlini uzatdı Qurbanəliyə. Bəy xanımın əlini alıb rusca dedi:
– Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım.
Xanım bir az güldü və dedi:
– Spasibo.
Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri.
Bir az keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, iki uçitel gəldi, genə bir əfsər arvadı ilə gəldi, genə bir özgə həkim arvadı ilə gəldi.
Bir az keçdi, genə qaçaqaç düşdü, dedilər: ”Naçalnik gəlir”. Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı:
– Naçalnik idyot.
Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, şaqqıltı və çığır-bağır, qoyma, dinmə, çəkil, gəl, get… axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxardıb, sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlarla bir-bir əl verib qalxdı balkona və girdi otağa.
Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdilər.
Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, konfetlər, lumu-portağallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samovar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına.
Naçalnik oturmuşdu yumşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında, qonaqlardan da bir neçəsi düzülmüşdü bunların yanına və naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi.
Bu heyndə küçədən açıq akoşkalardan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha da ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı:
– Ədə Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar.
Bir az keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa və qonaqların hamısı qaçdılar akoşkaların qabağına.
Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atı idi.
Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb bir az kənarda dolandırırdı. Bir-iki kəndli də bir az kənarda bir ayrı atların cilovlarından yapışıb dolandırırdı. Akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar.
Hərdənbir naçalnikin atı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyür yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdənbir nərə təpib, qabaq ayaqlarını qaldırırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovdan yapışıb çığırırdı:
– Buna bax ha!
Naçalnik gördü ki, kəhər at Qurbanəli bəyin atıdır və üzünü Qurbanəli bəyə tutub soruşdu ki, atı neçə yaşındadır? Qurbanəli bəy papirosunu yandırıb naçalnikə dedi ki, atı bu il təzə dörd yaşa ayaq qoyur.
Genə naçalnik akoşkaya tərəf yeriyib başladı Qurbanəli bəyin atına tamaşa eləməyə, sonra çönüb dedi:
– Nə gözəl atdı!
Doğrudan, Qurbanəli bəyin atı gözəl at idi.
Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnikə cavab verdi:
– Peşkəşdi.
Naçalnik Qurbanəli bəyə dedi:
– Sağ ol, – və genə başladı ata tamaşa eləməyə və genə Qurbanəli bəyə üzünü tutub soruşdu:
– Qaçmağı necədi? İti yüyürürmü?
Qurbanəli bəy naçalnikə dedi:
– Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam, qurumsağam.
Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstünə düzülmüşdü hər cür xörəklər və içkilər.
Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfinə naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular.
Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, sonra pristavın arvadının, sonra xanımların və sonra qeyri qonaqların fincanlarını doldurub, durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi:
– Mübarək olsun xanımın ad bayramı.
Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb, həmin sözləri dedilər və sonra naçalnik və qeyriləri şüşələri başlarına çəkib boşaltdılar.
Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlardan razılıq elədi, amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ çəkməyib. Xanım bəydən soruşdu ki:
– Niyə içmirsiniz?
Bəy gülə-gülə başını saldı aşağa və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəh-qəh çəkib dedi ki:
– Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən?
Qonaqlardan bir neçəsi güldü və bir neçəsi də dedi ki:
– Götür iç!..
Axırda Qurbanəli bəy rumkasını götürdü əlinə və dedi:
– A kişi, siz allah bu nədi? Buna bizdə üskük deyərlər ki, arvadlar barmaqlarına geyib tikiş tikərlər, yoxsa bizlərdə bunnan araq içməzlər.
Qonaqlar bu sözləri eşidib genə qəh-qəh çəkib güldülər və pristavın xanımı dedi:
– Da, da, doğrudur. Günah məndədir. Qurbanəli bəy rumkaynan araq içməz.
Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi:
– Bax, buna nə demişəm?!. Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox…
Qonaqlar genə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına.
Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. İki saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə.
***
Baharın ikinci ayı idi. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə, çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdənbir zurnanın səsi ucalıb özgə səslərin hamısını batil eləyirdi. Zurna sakit olan kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samovar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-portağallar, konfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yastıq və balışlar. Bir tərəfdə qlavalar tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər.
Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər “urra” deyib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında başladılar yallı getməyə.
Ağalar və xanımlar yendilər. Kəndlilər genə “urra” çəkib qarışdılar bir-birinə və sonra genə başladılar yallı getməyə.
Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub, əllərini qoymuşdu ciblərinə, baxırdı və Qurbanəli bəyi görcək ikiqat əyildi. Bəy papirosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və spiçkanı cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosu yandırıb dedi:
– Axmaq oğlu axmaq, bə sən niyə yallı getmirsən?
Kərbəlayı Qasım başını əydi aşağı və dedi:
– Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz.
Bəy papirosunu göyə üfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi:
– Yapış, heyvan balası heyvan! Yoxsa, vallah, döyə-döyə səni öldürərəm!
Kərbəlayı Qasım yapışdı kəndlilərin əlindən və istər- istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıb-düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəh-qəh çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəh-qəh elədi və çığırdı:
– Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyur, mənə çaxır gətirsinlər. Urra, urra!
Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib, genə başladı fırlanmağa, genə başladı dolanmağa.
Bir qədər keçdi, genə bir stəkan içib, çığırdı:
– Xanımın sağlığına, – və genə başladı dolanmağa, bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb və dedi:
– İç.
Kərbəlayı Qasım başladı yalvarmağa:
– Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.
Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.
Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü tutub dedi:
– Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə kimi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı ay axmaq, sən ki üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.
Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi:
– Necə qanmır? Çox yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir.
* * *
Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımların biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, zurnanın səsindən az qalır qulaqlarım tutulsun. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular.
Toyun səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı:
– Ədə, çalın, namərdlər!
Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, pristava dedi:
– Mən ölüm, qoy çalsınlar, mən istəyirəm, oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı:
– Ədə, çalın! “Uzundərə” çalın.
Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub dedi:
– Bəy, hələ sonra oynarsan. Göndər nökərini, sizin atınızı çəkib gətirsin, mən istəyirəm, ata baxam.
Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi:
– Naçalnik, qurbandır sənə mənim atım!
Bu sözlərdən sonra bəy nökərini çağırdı:
– Kərbəlayı Qasım, tez get, atı çək gətir, naçalnik baxsın.
Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik, pristav, Qurbanəli bəy, pristavların biri və xanımların biri getdilər atın yanına. Qurbanəli bəy ata yavuqlaşıb başladı atın alnını tumarlamağa. Naçalnik keçdi atın dalına, sonra keçdi qabağına və istədi ağzını açıb dişlərinə baxsın. At başını göyə qalxızıb çəkildi bir tərəfə. Qurbanəli bəy çığırdı ata:
– Tərpənmə, axmaq!
Naçalnik genə çəkildi atın dal tərəfinə. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi:
– Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax, bu il dördünə ayaq qoyur.
Naçalnik yavuğa gəlib əyildi və başını uzatdı atın ağzına. At genə başını qovzadı göyə. Qurbanəli bəy hirslənib istədi atın ağzından bir yumruq vursun. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. Kərbəlayı Qasım asıldı noxtadan və çığırdı:
– Buna bax ha!
Sonra naçalnik Kərbəlayı Qasıma dedi ki, bir az atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Heyvan Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdənbir otərəf-butərəfə baxıb kişnəyirdi.
Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşın fasiləni sıçrayıb, üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi:
– Malades, – və bəy cavab verdi:
– Naçalnik, bu, nədi ki! Hələ sən mənim o biri atımı görməmisən. Bəlkə, onu görəsən! Bu, nədi ki, onun yanında.
Kərbəlayı Qasım atı çəkib apardı.
***
Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on birdə qonaqları genə dəvət elədilər xörək otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü çaxır butulkasını və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf və dedi:
– Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza.
Bu sözləri deyib naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavuqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb, dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi:
– Mən özümü bu gün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Ondan ötrü ki, bilmirəm nədəndirsə, keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma beş-on il bundan irəli burda bir pristav vardı, çox lotu oğlan idi. Mənə bir tula bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına, a xanım, urra!
Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər, stəkanda bir qətrə də çaxır qalmayıb və keçib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşularının stəkanlarını doldurub üzünü naçalnikə tutdu və dedi:
– Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib, məni sərəfraz buyurursunuz.
Sözlərini deyəndən sonra xanım fincanını tutdu dodaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi:
– Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib-gedib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki mən sağam, nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra!
Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, guya bir qətrə də qalmadı, sonra gedib oturdu yerində.
Qonaqlar genə məşğul oldular yeməyə.
Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşularının stəkanını doldurdu və sonra ayağa durub dedi:
– Ağalar və xanımlar! Məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qonşularımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qonşularımızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovnanın sağlığına.
Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da habelə stəkanlarını çıqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi:
– Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər?! Bu xəncəli mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç bir kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra!
Bəy çaxırı çəkdi başına.
Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına və lap axırda bəy bərk kefləndi.
Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən getsin. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı yuxarı qalxızıb dedi:
– Ağalar və xanımlar! Siz ki mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Amma, ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah, billah, atamın goru haqqı, mən bilmirəm, necə sizin xəcalətinizdən çıxım?! Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağının torpağı da ola bilmənəm. Vallah, billah, atamın goru haqqı, sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm, sizə qulluq eləyim. Mən istəyirəm, sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm, ay xanım, səndən də təvəqqə eləyirəm. Anna İvanovna, qurban olsun sənə mənim canım, səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar! Hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!
Bəy stəkanı çəkdi başına. Naçalnik siğarı damağına salıb, üzünü tutdu pristavın xanımına və dedi:
– Gəlsənə sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq?
Xanım baxdı ərinin üzünə və dedi:
– Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm, necə paltar geyir.
Əfsər də arvadından soruşdu:
– Gedərsənmi?
Arvadı dedi:
– Gedərəm.
Qonaqların biri də dedi ki:
– Əgər bəy bizə bir yaxşı müsəlman plovu versə, gedərəm.
Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa və çığırdı:
– Necə plov? Atamın goru haqqı, sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınız, Kəblə Qasımdan soruşunuz. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım!
Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa, guya ki Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki:
– Çağırın o axmaq oğlunu, gəlsin.
Nökər çıxdı getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki:
– Sən zəhmət çəkmə, nökərlər çağırarlar, gələr.
Bəy genə başladı plovu tərifləməyə.
– Mən siznən mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə.
Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi:
– A bəy, söz yox ki, evdəki tərifli atını da bizə görsədərsən.
Qurbanəli bəy naçalnikə yavuqlaşıb, hər iki əllərini qoydu gözünün üstə və dedi:
– Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu-lotuyana deyirəm, mən təzvir-məzvir2 bilmənəm. Hansını xoşlasan, atamın goru haqqı, peşkəşdi sənə.
Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsindən yapışıb dedi:
– Get, o haramzada oğlu haramzadaya de ki, bu saat durub bura gəlməsə, bu xəncəli gedib soxaram onun qarnına!
Nökər çıxdı eşiyə. Pristavın arvadı bəyə üzünü tutub dedi:
– Niyə biçarə kişini oyadırsan? Nəyə lazımdır?
Bəy cavab verdi:
– Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədi bu tezliklə yatsın. Qoy gəlsin, görək kimin hünəri var, mənim aşpazım bişirən plovu bişirsin?!
Qonaqlar genə gülüşdülər.
Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib girdi içəri. Ağası genə əlini xəncərin dəstəsinə aparıb dedi:
– Kəblə Qasım, mən səni öldürərəm!
Qonaqlar genə gülüşdülər.
Kərbəlayı Qasım əllərini döşünə qoyub, alçaq səslə dedi:
– Niyə, başına dönüm, ağa?
Bəy hirsli və uca səslə:
– Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar.
Kərbəlayı Qasım alçaq səslə cavab verdi:
– Bəli, ağa, Əli yaxşı plov bişirir.
Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi:
– Di gördünüz? Di gördünüz? İndi sözünüz nədi?
Qonaqların çoxusu cavab verdi:
– Doğrudu, doğrudu, inanırıq.
Kərbəlayı Qasım çıxdı eşiyə.
Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdənbir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi:
– Bu xəncəli soxaram sənin qarnına!
Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi:
– Niyə, başına dönüm, ağa?
Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi:
– Kimin hünəri var, Əli bişirən plovu bişirsin?!
İki saatdan sonra ağa və nökər yetişdilər kəndə. Kəndin içindən üç-dörd köpək hürə-hürə hücum çəkdi Qurbanəli bəyin üstünə. At hürküb özünü verdi bir tərəfə, az qaldı bəyi salsın yerə. Qurbanəli bəyin börkü düşdü yerə və Kərbəlayı Qasım özünü atdan salıb, ağasının börkünü qalxızıb verdi bəyə. Qurbanəli bəy xəncərini sıyırıb, atını sürdü itlərin üstünə. İtlər başladılar qaçışmağa.
Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb, yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:
– Əli, bu xəncəli soxaram qarnına!
Nökəri cavab verdi:
– İxtiyar sənindi, ağa!
Sonra bəy atdan yenib, girdi həyətə və pilləkəni qalxıb, girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi:
– Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu.
Bəy xəncərin tiyəsini arvada göstərib dedi:
– Gülpəri, bu xəncəli soxaram sənin qarnına!
Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib, gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi:
– Bu xəncəli soxaram sənin qarnına!
Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə.
Bəyi yuxu tutdu.
***
Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb. Yavaşca paltarını geyib çıxdı eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub, arpa təmizləyirdi ki, aparıb versin atlara.
Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samovara kömür salırdı. Həyətin bir tərəfində toyuq-cücələr dən yeyirdilər və sərçələr hərdənbir dəstə ilə toyuq-cücələrin yanına yenib başlayırdılar dənlərdən yeməyə, amma bir səs eşitcək genə dəstə ilə qalxırdılar tut ağacına.
Qaravaş xanımı görcək əlində süpürgə getdi xanımın yanına, salam verdi. Xanım gözlərini ova-ova soruşdu ki, bəy nə vaxt gəlib yatdı? Qaravaş cavab verdi ki, gecədən çox keçmişdi ki, gəldi. Xanım Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım tövlədən çıxıb tez gəldi və baş yendirib durdu xanımın qabağında. Xanım Kərbəlayı Qasımdan soruşdu ki:
– Niyə belə gec gəldiniz?
Kərbəlayı Qasım cavab verdi:
– Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik.
Xanım genə soruşdu:
– Pristavın qonağı çox idimi?
Kərbəlayı cavab verdi:
– Bəli, xanım, çox idi.
Xanım soruşdu:
– Kim idilər qonaqlar?
Kərbəlayı Qasım cavab verdi:
– Ay xanım, nə bilim, bir çoxlu böyük adamlar idi. Çoxlu xanım idi. Naçalnik özü də orada idi. Çox adam vardı.
Xanım genə soruşdu:
– Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular?
Kərbəlayı Qasım cavab verdi:
– Yox, elə hamısı qarışmışdı bir-birinə.
Qaravaş bu sözləri eşitcək öz-özünə dedi:
– Bıy, aman Allah!
Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/c-lil-m-mm-dquluzad/hekay-l-r-68289337/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Nüsxəbənd – xalq təbabətində: qədim tibb kitablarına baxıb dərman yazan şəxs, yaxud həmin dərmanlar və onların hazırlanmasından bəhs edən kitab.
2
Haziq – çox bilikli, çox mahir
3
Çarşı – dükanlar olan yer, qapalı bazar
4
Rasta – dükanların yerləşdiyi kiçik düz küçə, dükanlar sırası
5
Nisfünnəhar – günorta
6
Xahi-nəxahi, xahü naxah – könülsüz
7
Yavuq – yaxın
8
Fərş – döşənəcək (xalça, palaz, cecim və s.)
9
Pişəzvəqt – qabaqcadan, əvvəlcədən
10
Qovzamaq – qaldırmaq
11
“polis” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür
12
Navaxt – köhn. qazamat, həbsxana
13
Həyə – əgər
14
Təğyir – dəyişmə, dəyişiklik etmə
15
Həməvəqt – hər vaxt, həmişə
16
Mühəyya – hazır
17
Məta – satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal.
18
Pencər – müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı
19
Ruznamə – köhn. qəzet
20
Suçlu – təqsirkar
21
Müərriflik etmək – tanıtmaq, tanış etmək
22
Yovmiyyə – hər gün üçün verilən xərc, haqq, maaş; gündəlik
23
Çiçerin Georgi Vasilyeviç (1872-1936) – sovet diplomatı
24
“Bakinski raboçi” qəzeti nəzərdə tutulur
25
Corc Nataniye Kerzon (1859-1925) – ingilis ictimai-siyasi xadimi və diplomatı. Sovet hökumətinin Yaxın Şərq siyasətinə qarşı çıxmışdır.
26
Əmələ – fəhlə, işçi
27
Əyal – köhn. ailə, külfət
28
Pünhan – gizli
29
Mabeyn – köhn. ara, aralıq; orta, ortalıq
30
Musa Nağıyev – məşhur Bakı milyonçusu
31
Dövlətmənd – dövlətli
32
Əliağa Vahid (1895-1965) – Azərbaycan şairi, qəzəl ustadı
33
Nəvazəndə – köhn. çalğıçı, çalan
34
“ofiser” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür, mənası zabit deməkdir.