Hekayələr
Əziz Nesin
Hekayə ustaları
Əziz Nesinin satirik hekayə və novellalarından ibarət bu kitabdakı əsərlər XX əsr türk insanının əxlaq və düşüncəsini, sosial durumunu, eləcə də cəmiyyətin saflaşdırılması uğrunda mübarizəsini əks etdirir.
Əziz Nesin
Hekayələr
SİZİN ÖLKƏDƏ EŞŞƏK YOXDURMU
Dişi ağrıyırmış kimi bir əli üzündə, başını sağa-sola yellədə-yellədə içəri girdi. Bir yandan əlini yanağına vurur, bir yandan da:
– Tfu, rüsvayi-cahan olduq… – deyə şikayətlənirdi.
O, əslində, çox nəzakətli bir adamdır. Ona görə də qapıdan girər-girməz salam vermədən belə deyinməsinə çox təəccübləndim.
– Xoş gəlmisiniz, – dedim, – buyurun, əyləşin.
– Rəzil olduq, rəzil…
– Necəsiniz?
– Necə ola bilərəm? Biabır olduq e…
Yəqin, başına bir fəlakət gəlmişdi. Bəlkə də, ailəsinə bir bədbəxtlik üz vermişdi…
– Yerin dibinə girdik, məhv olduq…
– Axı nə üçün? Nə olub?
– Daha nə olacaq! Bir qotur eşşəyi kişiyə iki min beş yüz lirəyə satdılar…
Üzünə diqqətlə baxdım: yoxsa dəli olmuşdu? Araya söz qatmaq üçün bəhanə edərək:
– Qəhvə içirsiniz? – deyə soruşdum.
– Qəhvə-zad yeri deyil. Rüsvay olduq… Bir nalsız, qart eşşəyi iki min beş yüz lirəyə verərlər?
– Heç eşşək satmadığım üçün bu qiymətin artıq-əskik olduğunu deyə bilmərəm.
– Canım, mən də eşşək alıb-satan deyiləm. Amma bir eşşəyin iki min beş yüz lirə olmadığını yaxşı bilirəm.
– Deyəsən, əsəbləriniz pozulub?
– Pozular da… Mənim əsəbim pozulmasın, kiminki pozulsun? Siz eşşəyin bu qədər baha satıldığını görmüsünüzmü?
– İyirmi ildən çox olar ki, heç eşşək görməmişəm.
– Mən sizə eşşəyi görüb-görmədiyinizi yox, onun belə məbləğə satıldığını gördüyünüzü soruşuram.
– Vallah, nə deyim… Ləyaqətli eşşək, bəlkə də, o qiymətə gedə…
– Əşi, eşşək – eşşəkdir. Nə ləyaqətbazlıqdır. O durub nitq söyləməyəcək ki? Üstəlik, həm qotur, həm də qart… Elə baha qiymətə satdılar. Həm də işin ən pis cəhəti odur ki, bunda mənim də iştirakım var.
– Nə danışırsınız?
– Bəli. Elə mən də bunu demək üçün gəlmişəm. Yəqin, bilirsiniz ki, Amerikanın dəvəti üzrə mən İstanbul universitetindən birilliyə oraya ezam edilmiş və xanımımı da özümlə aparmışdım.
– Onu bilirəm.
– Həmin dövrdə Amerikada bir professorla dost olmuşdum. Mənə çox kömək etmiş, böyük yaxşılıqları keçmişdi. Qayıdıb gələndən sonra onunla məktublaşırdıq. O, Türkiyəni sevən, türklərə dost olan bir adamdır. Məktublarının birində antik xalça mütəxəssisi olan bir dostunun öz əsəri üçün tədqiqat aparmaq məqsədilə Türkiyəyə gələcəyini yazır, ona kömək edib-edə bilməyəcəyimi soruşurdu. Mən də tətil vaxtında buraya gələrsə, məmnuniyyətlə ona yoldaşlıq edəcəyimi yazdım. Hindistan və İranda tədqiqat aparandan sonra o, iyul ayında bura gəlib çıxdı. Düşdüyü hoteldən mənə zəng etdi, mən də onun yanına getdim. O, əslən alman olan amerikalı idi. Deyəsən, həm də yəhudi idi. İndiyədək xalça haqqında iki albom, üç kitab nəşr etdirib. Dünyada olan bir neçə qiymətli xalça kolleksiyasının birinə də onun özü sahibmiş. Bura gəlməmişdən əvvəl gəzdiyi yerlərdən dörd böyük çamadan dolusu xalça, heybə və kilim gətirmişdi. O, çamadanlarını açıb buradakı şeyləri mənə göstərdi. Bu şeyləri tapmasından çox məmnun halda bunların hədsiz dərəcədə qiymətli olduğunu söylədi. Onların arasında üç qarış eni, beş-on qarış uzunu olan köhnə xalı parçasını göstərərək onun azı otuz min dollar qiyməti olduğunu, bir iranlı kəndlidən cəmisi bir dollara satın aldığını və bu zaman həmin kəndlinin pulu alarkən xeyli təəccüb etdiyini dedi. Mən bu xalı parçasının nədən bu qədər baha olduğunu soruşdum. “Çünki – dedi, – bunun hər kvadrat santimetrində səksən ilmək var. Bu, bir şah əsərdir”. O, böyük ehtirasla bu məsələ haqqında danışır və dünyada bir kvadrat santimetrdə yüz ilmək olan xalının mövcud olması, dünyanın hansı muzeyindəsə asılması haqqında danışırdı…
Sonra mənə bir keçə göstərdi. “Bunu, – dedi, – əlli sentə aldım. Bunun isə azı beş min dollar qiyməti var”. Mən ondan belə bahalı şeyləri nə yolla bu qədər ucuz ala bildiyini soruşdum. “Qırx ildir ki, bu sahədə çalışıram, – dedi. – Bizim də özümüzə görə üsullarımız var”. O mənə bu üsullar haqqında məlumat verdi. Ağzım açıla qaldı.
Biz sonra onunla Anadolunu gəzməyə çıxdıq. Vilayətləri, qəzaları gəzirdik. O, məscidlərdə qiymətli hesab etdiyi xalıların rəngli fotolarını çəkir, qeydlər edirdi.
Bir neçə adamdan köhnə heybə, xalı, keçə və kilim də satın aldı. Dediyinə görə, burada aldıqları başqa Şərq ölkələrində aldığı şeylərin hamısından qiymətli imiş.
Nəhayət, arxeoloji qazıntılar aparılan bir yerə gəlib çıxdıq. Amerika və alman arxeoloqları bir-birindən beş-on kilometr aralı düşərgələr qurub qazıntı işləri aparırdılar. Onlar yerin altını üstünə çevirmiş, dağları, təpələri qazıq-qazıq etmişdilər. Bir qəsəbə genişliyi olan bu qazıntı ərazisində eramızdan on əsr əvvəldən başlayaraq bu günə qədər bir neçə mədəniyyət yaranıbmış və torpağın altında üst-üstə qalaqlanıbmış. Onlar yerin altında bir neçə şəhər tapmış, oradakı sarayları, qəbirləri üzə çıxarmışdılar. Tarix və arxeologiya ilə maraqlanan çoxlu xarici turist maşını da burada qaynaşırdı. Hər iki-üç kilometrdə beş-on turistə rast gəlmək olurdu. Ətrafdakı kəndlərin sakinləri buraya toplaşır, yer altından tapdıqları saxsı parçalarını bu turistlərə satır, turistlər də bu şeyləri göydə qapışdırırdılar.
Kəndli uşaqları da yolboyu düzülərək qazıntı yerindən tapdıqları halqaları, yazılı daşları, qab-qacaq qırıqlarını turistlərə satırdılar.
Buralara qədər gəlib çıxdığım üçün mən də yadigar bir şey almaq istədim. Təxminən on yaşı olan bir qızın əlində vaza qulpu, yanındakı oğlanın əlində isə adam başına oxşayan mavi rəngli kiçik bir daş vardı. Bu, yəqin, üzük daşı idi.
– Bunlar neçəyədir, bala? – deyə soruşdum.
Qız vazanın qulpu üçün qırx lirə, oğlan isə daş üçün on beş lirə istədi. Bu şeylərin həmin məbləğə dəyib-dəymədiyini bilmədiyimə baxmayaraq:
– Bahadır, – dedim.
Onlar böyük adamlar kimi bu şeylərin heç də baha olmadığını, atalarının bu şeyləri beş metr dərinlikdən tapdığını dedilər. Bu şeyləri almaq istəyirdim ki, amerikalı mütəxəssis onların heç bir tarixi və arxeoloji dəyəri olmadığını, Şərq ölkələrində kəndlilərin Avropa və Amerikadan gələn turistləri aldadıb belə şeyləri satdıqlarını söylədi. Onun dediyinə görə, bu hiyləgər kəndlilər məşhur arxeoloqları belə aldatmağı bacarırdılar. Hətta bir dəfə ölü it leşinin tüklərini qırxaraq onu bir hökmdarın mumiyası adı ilə amerikalı turistə sata bilmişdilər.
Biz kirələdiyimiz maşında gedirdik. Hava çox bürkülü idi. Yol kənarındakı üç qovaq ağacı altındakı su quyusunu görəndə dayandıq. Kölgədə oturub nahar etmək istəyirdik. Orada bir kəndli uzanmışdı. Onun yaxınlığında isə bir eşşək otlayırdı. Biz qoca ilə salamlaşdıq və onunla danışmağa başladıq. Mən onun dediklərini amerikalı üçün tərcümə etdim.
– Buradakı kəndlərdə ən çox nə yetişir?
– Heç bir şey, – deyə kəndli cavab verdi. – Əvvəllər burada əkin-biçinlə məşğul olardılar, taxıl yetişərdi. Amma bu qazıntılar başlayalı 20 ildir ki, hamı tənbəlləşib, daha heç bir şey əkmirlər.
– Eynən başqa yerlərdə də belədir, – amerikalı dedi.
– Bəs bu yerlərin adamları nə ilə dolanırlar? – deyə soruşdum.
– Yerin altından qab-qacaq qırığı, daş-maş çıxardıb bura doluşan əcnəbilərə satırlar.
– Eynən başqa yerlərdə olduğu kimi, – deyə amerikalı təkrar etdi.
– Bizim bu yerlərin adamları yaman xarab olublar. Ölkənin bütün dəfinələrini su qiymətinə əcnəbilərə satdılar. Yerdən çıxan şeylər əsl dəyərinə satılsa idi, on belə Türkiyəni abad etmək olardı. Oğrular bura doluşublar. Torpaq altından çıxan qiymətli antik şeyləri oğurlayıb xarici ölkələrə aparırlar. Bu şeylərin bəzisini özləri qazıb çıxarır, bəzilərini də kəndlilərdən alırlar.
Amerikalı yenə onun sözünü təsdiq etdi. Kəndli sözünə davam edərək:
– Daha, – dedi, – torpağın altından çıxarmağa bir zibil də qalmayıb. Buralarda altı kənd var. Evlərinə getsən, bir həsirdilər, bir Məmmədnəsir. Heç bir şey görə bilməzsən. Nə suqabı, nə səhəng, nə çanaq qalıb.
– Nə üçün?
– Ona görə ki hər şeyi bu turistlərə satırlar. Hər nə varsa adını antik qoyub xırıd edirlər. Adamlar yaman korlanıb. Dünən, əl boyda bir uşaq mənim eşşəyimin boynundakı muncuqları oğurlayıb. O bunları aparıb əvvəl torpağa basdıracaq, sonra da oradan çıxardıb antik adı ilə satacaq. Evlərdəki ərgən qızlar da bicləşiblər. Əllərinə keçən hər daşı məharətlə ovur, onlara cürbəcür şəkillər verib satırlar. Onlar eşşək nalından medallar, köhnə pullar düzəltməyi də bacarırlar.
Amerikalı yenə başqa ölkələrdə də belə olduğunu təsdiqlədi. Mən qoca kəndlidən:
– Bəs sən nə ilə dolanırsan? – deyə soruşdum.
– Mən eşşək alıb-satıram, – dedi.
O bunu deyib quyudan su çəkdi və eşşəyə verdi. Eşşək su içərkən amerikalı birdən yerindən sıçrayıb heyvanın yanına getdi. Mən isə kəndli ilə söhbətimi davam etdirdim.
– Eşşək alıb-satmaq sənə sərf edirmi?
– Şükür Allaha… beş ildir bu işlə dolanıram.
– Məsələn, nə qədər qazanırsan?
– Bu, alıb-satdığım eşşəkdən asılıdır.
– Bir heyvanı nə qədər vaxta sata bilərsən?
– Bunu da bilmək olmaz. Bəzən üç ay, beş ay heyvan satılmır, bəzən də görürsən bir gündə beş eşşək satmısan…
Amerikalı yanıma qayıtdı. Çox həyəcanlı idi.
– Eşşəyin üstündə bir xalı parçası var.
Baxdım. Eşşəyin belində çox köhnə, palçıqlı bir çul vardı.
– Bu çirkli cındırı deyirsiniz?
– Siz nə danışırsınız? Bu, bir xariqədir, şah əsərdir. Siz kəndli ilə söhbət edəndə mən xalını diqqətlə gözdən keçirdim. Onun rəngi də işi kimi çox qiymətlidir. Hər kvadrat santimetrində düz yüz ilmək var. Dünyada buna bənzər bir şey görünməyib.
– Onu almaq istəyirsiniz?
– Əlbəttə! Amma kəndli onu alacağımı bilməməlidir. Mən bunları yaxşı tanıyıram. Duyuq düşüb malının üstünə dünyanın qiymətini qoyurlar. Nə qədər pul versən, gözləri doymaz. Ona görə elə edək ki, o, əsl məqsədimizi başa düşməsin.
Kəndli bizə baxıb:
– Bu kafir nə qırıldadır? – deyə soruşdu.
– Heç, – dedim, – bu yerlərdən xoşu gəldiyini deyir.
– Burada xoşagələn nə var ki? Çılpaq, kirəcli təpələrdir də…
Amerikalı mənə:
– Sizə antik şeyləri ucuz ala bildiyimi demişdim. İndi baxın, yenə bu fəndimi işə salacağam.
– Necə edəcəksiniz?
– Xalının adını belə çəkməyəcək, eşşəyi alacağam. Kəndli, çox ehtimal ki, xalının qiymətini bilmədiyi üçün köhnə çulu da eşşəyin üstündə bizə verəcək. Siz indi ona mənim bu eşşəyi almaq istədiyimi söyləyin!
Mən kəndlidən:
– Sən bu eşşəyi satırsanmı? – deyə soruşdum.
– Hə… satmaq istəyirəm…
– Onu neçəyə satmaq fikrindəsən?
– O baxır alıcısına!
– Biz almaq istəsək…
Kəndli güldü:
– Mənimlə zarafat edirsiniz? Bu qart eşşək sizin kimi bir bəyin nəyinə lazımdır?
– Sən onun fikrini çəkmə… Biz onu almaq istəyirik. Neçəyə verirsən?
– Dedim ki, o baxır alıcısına… Siz alacaqsınız, yoxsa bu kafir?
– O alacaq…
– O nə millətdəndir?
– Amerikalı…
– Hə… özgə deyilmiş… Özümüzünkü sayılır. Bəyim, bu, çox qart şeydir, de ki, bunu almaq ona əl verməz.
Məsələni amerikalıya dedim.
– Lap yaxşı, – dedi, – deməli, eşşəyi ucuz verəcək.
Mən kəndliyə:
– Eşşək qart da olsa, razıdır, – dedim.
– Əşi, bizim üçün ayıb olar. Sonra ölkəsinə gedib “türklər məni aldatdılar” deyər.
Bunu da amerikalıya tərcümə etdim.
– Türk kəndlisi çox saf, düzgün adamlardır, – dedi. – Başqa yerlərdə olsaydı, dərhal satmağa tələsərdilər. İndi ki o bu qədər təmizqəlbli adamdır, mən də eşşəyi onun dediyi qiymətə alacağam.
Kəndliyə:
– Amerikalı razıdır, – dedim.
– Yaxşı. Amma bu eşşək Amerikaya çatmamış yolda ölə bilər. Hər yerini qotur basıb.
– Sənə nə, kişi! Xəstə də olsa, almaq istəyir.
– Ay canım, bu qotur eşşək onun nəyinə lazımdır axı?
– Sənin nəyinə gərəkdi ki?
– Maraqlıdır da… – dedi. – Bircə bu amerikalı cənabdan soruşun, məgər onun ölkəsində heç eşşək yoxdur?
Bunu amerikalıdan soruşdum.
– Ona deyin ki, var. Amma beləsi yoxdur.
– Deməli, belə… Amerikan eşşəyi onun xoşuna gəlmir, türk eşşəklərini daha çox xoşlayır. Eh, daha nə etmək olar, babalı öz boynuna. Mən eşşəkdə olan bütün nöqsanları sadaladım. İndi bir qotur eşşək üçün daha bir əcnəbi qonağımızın xətrinə dəyməyək.
– Neçəyə?
– Sizin üçün on min lirəyə verə bilərəm.
– Nəəə? A kişi, dəli-zad olmamısan? Ən gözəl ərəb atını iki-üç min lirəyə verirlər.
– Elə isə eşşək onun nəyinə lazımdır, elə bir ərəb atı alsın da…
Onun nə qədər istədiyini amerikalıya dedim.
– Mən onların xasiyyətini bilirəm, – dedi. – Budur, gördünüz? Eşşək üçün on min lirə istəyən, yəqin ki, xalı üçün yüz min lirə istərdi. İndi mən bu eşşəyə on min lirə verərəm. Amma bunu eşidən kimi iyirmi min istəyəcək. Onu verməli olsan, əlli min istəyəcək. Ona görə də yaxşı sövdələşmək lazımdır…
Kəndliyə:
– Sən düzünü söylə, – dedim, – bu eşşəyi neçəyə almısan?
– Dilimə yalan gəlməz. Özüm də dəstəmazlıyam, yalan deyə bilmərəm. Mən bu eşşəyi dərisindən çarıqlıq çıxartmaq üçün beş lirəyə aldım. Bu gün də olmasa, sabah öləcək. O, başqa işə də yaramaz.
– A kişi, insafın olsun. Beş lirəyə aldığın bu heyvanı bəs nə üçün on min lirəyə satmaq istəyirsən?
– Qardaş, mən onu sizə satmaq fikrində deyiləm. Siz özünüz almaq istəyirsiniz… Dedim ki, qartdı, qoturdu, sabaha çıxmaz… Yenə də almaq fikrindəsiniz… Hə, az qala yadımdan çıxmışdı. Bu, üstəlik, həm də topaldı. Dal ayağını çəkir…
– Zərəri yoxdur.
– Görürsünüzmü? Deməli, belə çıxır ki, bu eşşəyin nə isə xüsusi bir qiyməti, bir kəraməti var. Elə deyilsə, bu amerikalı kafirə nə düşüb ki, belə qotur, qart, topal bir eşşəyi alsın. Elə deyilmi? On min! Heç cür aşağı olmaz.
Mən amerikalıya:
– Aşağı düşmür, – dedim. – On min verək?
– Nə edək? On min lirəni versək, o zaman iyirmi min lirə istəyəcək…
Qiymət üstündə düz iki saat sövdələşdik. Arada fikrimizdən əl çəkmiş kimi yola düşdük. Qoca bunu heç vecinə də almadı. Qayıdıb yanına gəldik.
– Qayıdıb gələcəyinizi bilirdim.
– Nədən bilirdin?
– Bunu bilməyə nə var ki? Burada sizin nəsə başqa dərdiniz var, eşşək bəhanədir.
Şoferə maşını sürüb irəlidə, yol üstündə bizi gözləməsini tapşırdım. Biz eşşəyi alandan sonra oraya gedəcək və heyvanı azdırıb yola düşəcəkdik.
Nə isə, qardaş, xeyli çənədöymədən sonra biz iki min beş yüz lirəyə razılaşdıq. Pulu ovcuna saydıq. Kəndli bundan sonra eşşəyin çulunu götürdü və noxtasını verdi əlimizə:
– Allah xeyir versin! – dedi.
Amerikalının gözləri bərəlmişdi. O, kəndlinin əlindəki çula baxırdı. İndi nə olacaqdı? Amerikalı mənə:
– Qoy duyuq düşməsin, – dedi. – Eşşəyi çəkə-çəkə bir az gedək və məsələyə əhəmiyyət vermirmiş kimi qayıdıb “Eşşəyin beli üşüyər, çulu ver, üstünə ataq” deyək. Elə edərik ki, o, xalı parçasını istədiyimizi başa düşməsin…
Eşşəyin noxtasından tutub yola düşdük. Heyvan çox çətinliklə yeriyirdi. Amerikalı arxadan itələyir, mən noxtasını çəkirdim. Eşşək getdikcə ayağını yerə daha çox dirəyir, biz taqətdən düşürdük. Xalını kəndlinin əlindən qopara bilsəydik, eşşəyi dərhal buraxıb sovuşacaqdıq. Güc-bəla ilə iyirmi-otuz addım getmişdik ki, kəndli arxadan:
– Dayanın, – deyə bizi səslədi. – Bir şey yaddan çıxıb…
Biz çox sevindik. Güman etdik ki, bu saat çulu gətirəcək. O yüyürə-yüyürə gəldi.
– Eşşəyin payasını yaddan çıxarmısınız. Amerikada onun başını nəyə bağlayacaqsınız? Heç payasız da eşşək saxlarlarmı? Naşı olmağınız elə bundan bilindi.
Amerikalı:
– Fürsətdir, – dedi, – xalı parçasını da istəyin.
Mən kəndliyə:
– Eşşək zəif və xəstədir, – dedim. – Üşüyəcək. Sən onun üstünə bir çul salmışdın. Onu da ver üstünə ataq.
– Yox! Onu vermərəm. Siz məndən eşşəyi almısınız, çulu yox.
– Düzdür, eşşəyi almışıq. Amma o köhnə, bir qəpiyə dəyməyən cındır parçasını da ver, üstünə salaq.
– Köhnə olmağına köhnədir, pula da getməz. Amma vermərəm.
– Nə üçün?
– O mənim atamdan yadigar qalmış bir çuldur. Dədə-babadan xatirədir, verə bilmərəm, cənab!
Amerikalıya tərcümə etdim.
– Soruşun görək bu çirkli cındır onun nəyinə yarayar?
Bunu da kəndliyə dedim.
– Başqa bir eşşək alıb onun belini örtəcəyəm. Qismət olarsa, sizin kimisini tapıb Allahın köməyi ilə ona satacağam. Bu çul uğurludur. Xəstə heyvanları baha satmağa kömək edir.
– Ay canım, bir neçə quruş da çul üçün verək? Eşşək yazıqdır, üstünə örtərik.
– Ay inandım ha! Sonra bu eşşəkləri necə satacağam? Beş ildir qart və qotur eşşəkləri alıb bu çulun sayəsində satıram. Haydı, xoş gəldiniz… Malın xeyrini görün!
Amerikalının qanını daha da qaraltmamaq üçün bu sözləri ona tərcümə etmədən qoluna girdim. Kəndli bir neçə addım uzaqlaşdıqdan sonra:
– Eşşəyi yolda buraxıb gedəcəyinizi bilirəm, – dedi. – Ona görə də uzağa aparmayın. Yoxsa axtarmaqdan yorularam.
Eşşəyi elə oradaca buraxıb maşına tərəf getdik. Amerikalı xalı mütəxəssisi:
– Başqa yerlərdə bax beləsi yox idi, – dedi. – Heç yerdə başıma bu iş gəlməmişdi. Biz bu kəndliləri nahaq yerə avam hesab edirik. Heç belə hiyləgər kəndliyə rast gəlməmişdim.
Maşına mindik. Paya hələ də əlində idi. Mən:
– Bunu nə edəcəksiniz? – deyə soruşdum.
– Bunu bu yerlərin xatirəsi olaraq xalı kolleksiyama qoyacağam. Qiymətli şey kimi. Zarafat deyil, bu bizə iki min beş yüz lirəyə oturdu.
Dostum başını qapazlaya-qapazlaya şikayətlənməyinə davam etdi:
– Bütün aləmdə biabır olduq, biabır…
Tərcümə edəni: Yusif Şirvan
UÇURUMA YUVARLANIRIQ
Çayxanada bir şillə səsi eşidildi: “Şapp!” Nərd və kart oyunu dayandırıldı, söhbət kəsildi. Başlar şillə səsi gələn tərəfə çevrildi. Şapalağı yeyən cüssəli bir adam idi, vuran isə onun tam əksinə, arıq, sısqa və balacanın birisi idi. Cüssəli adamın yanağında sısqa adamın beş barmağının izi qalmışdı. Çayxanadakılara elə gəldi ki, iricüssəli adam onu vuran bu balaca adamı indicə ayağının altına alıb palçıq kimi tapdalayacaq. Amma elə olmadı. O:
– Şikayət edəcəyəm, – deyə bağırdı.
Heç kəsdən səs çıxmadı. Şillə yeyən adam sonra:
– Hamınız şahidsiniz, – dedi və boyu onun çiynindən belə olmayan arıq adama tərəf çevrildi.
– Gedək polis idarəsinə!
Sısqa adam ona cavab vermək əvəzinə milçək qovalayırmış kimi əlini yellədi. Cüssəli adam bayıra yüyürdü. İçəridəkilər yenə oyunlarını, söhbətlərini davam etdirdilər. Az sonra cüssəli adam bir polis nəfəri ilə gəldi və onu vuranı göstərərək:
– Budur, – dedi. Sonra orada oturanlara baxıb əlavə etdi: – Bunlar da gördülər.
Polis sısqa adamla yaxınlıqda oturmuş dörd nəfəri idarəyə apardı. Polis idarəsində cüssəli adam hələ də qızarmış sol yanağını tutmuşdu.
– Bu adamdan şikayətim var, komissar bəy! – dedi. – Mənə şillə vurdu. Bu adamlar da gördülər.
Komissar əvvəl döyən ilə döyülənin, sonra da şahidlərin kim olduqlarını makinada yazdırdı. Şikayətçi onu şillələyən adamı heç tanımadığını söyləyirdi. Şahidlərsə:
– Biz heç bir şey görmədik, – dedilər.
Cüssəli adam:
– Şillənin səsini də eşitmədiniz? – deyə soruşdu.
Onlar nə bir şey gördüklərini, nə də bir səs eşitdiklərini bildirdilər. Alçaqboylu, arıq adam isə:
– Bəli, – dedi. – Mən inkar etmirəm. Bu adamı şillələdim.
Komissar:
– Nə üçün? – deyə soruşdu. – Aranızda ədavət vardımı? O sizi təhqir etmişdi?
– Aramızda heç bir şey yoxdur. Mən onu heç tanımıram da.
– Yaxşı, bəs necə oldu ki, onu vurdunuz?
Arıq adam məsələni anlatmağa başladı:
– Dünən axşam işdən evə gəldim. Gördüm ki, işığımızı kəsiblər. Pulunu verməmişdik. Bütün gecəni qaranlıqda qaldıq. Yata da bilmədim. Evlərdən uzaq, anam da iki ildir xəstədir. Yazıq arvadı mədə ağrısı öldürür. Səhər tezdən yataqdan qalxdım. Gördüm ki, sol böyrüm tamamilə quruyub. Yatdığımız otağın pəncərə şüşələri üç ay əvvəl sınmışdı. Saldırmağa şüşə tapa bilmirik. Elə bil ki, şüşə ceyran belinə minib. Pəncərəyə döşəkağı asmışıq. Amma faydası yoxdur. Külək və soyuq səhərə kimi otağı buzxanaya çevirir. Nə isə… Yataqdan qalxdım, üzr istəyirəm, ayaqyoluna getdim, gördüm ki, suyumuz da kəsilib. Çöldə şıdırğı yağış yağır, amma boruda su yoxdur. Otağa qayıtdım. Tir-tir titrəyirdim. Bir az odun almışdıq, o da qurtarmışdı. Mən hər səhər işə getməzdən əvvəl qəzet oxuyuram. Bu gün də qəzetə baxdım. Orada “Gözəllik müsabiqəsi”, “Qalatasaray” futbol klubunun[1 - “Qalatasaray” futbol klubu – adı İstanbulun məşhur məhəlləsindən götürülmüş və 1905-ci ildə Ali Sami Yen tərəfindən yaradılmış futbol klubu] oyunu”, “Gömrükdə saxlanılmış 300 ton qəhvənin aqibəti” kimi başlıqlar vardı. Evdən baş götürüb getmək istədim. Çölə çıxmaq istəyirdim ki, məhkəmə icraçısı ilə bir vəkil qapıda qabağımı kəsdi. Kirə pulunu verə bilmədiyimizdən ev sahibi bizi məhkəməyə vermişdi. Onlar müsadirə etmək üçün evimizi axtarmağa başladılar. Mən məhkəmə icraçılarının evimizə gəlməsini heç xoşlamıram. Müsadirə etməyə bir şey tapa bilməyəndə adam xəcalət çəkir.
Onlar evə göz gəzdirib:
– Bu divanı götürək! – deyə təkid etdilər.
Onların “divan” deyə əllərini uzatdıqları şey üstü əsgi parçaları və yırtıq yorğanlarla örtülü qənd qutuları idi. Vəkil bunları görüb bu səfər:
– Radionu götürək! – dedi.
“Bu radionu aparsalar, canım qurtarar”, – deyə sevindim. Radiomuz ilin on ayı təmirdə olur. Güclə pul qazan, onu da radio təmirinə ver. Əslində, bizi bu vəziyyətə salan elə radiodur…
Onları yola salıb mən də qapıdan çıxanda arvadım:
– Qız məktəbə getmir, – dedi.
– Nə üçün?
– Bədən tərbiyəsi müəllimi ona ağ rezin ayaqqabı gətirməyi tapşırmışdı. Onsuz dərsə buraxmayacaq.
– Yaxşı, bir şey fikirləşərik… – dedim.
Küçəyə yüyürdüm. İşə gecikmişdim. “Bu gün işə getməyəcəyəm”, – deyə qərar verdim. Şiddətli yağış yağırdı. Bizim tərəflərdə tramvay xəttini də sökmüşdülər. Avtobus da yarım saatdan bir gəlir. Minmək mümkün olmur. Ağzına kimi adamla dolu olur.
Yağış isə hey tökürdü. Ayaqqabılarım da su keçirirdi. Yamanca islanmışdım. Tir-tir titrəyirdim. Cavan bir oğlan mənə yaxınlaşdı.
– Bağışlayın, əmican! – dedi.
Mənə elə gəldi ki, vaxtı soruşacaq. O isə soruşdu:
– Dünənki futbol oyunundan xəbəriniz varmı? Deyə bilməzsinizmi?..
– Lənət sənə, kor şeytan. Heç yeridirmi? – dedim və yoluma davam etdim.
Orada bir çayxana var. İçəri girdim. Üst-başımdan su sızırdı. Bir çay istədim. Yanımda da şillə vurduğum bu adam oturub qəzet oxuyurdu. Mən bu vaxt öz-özümə “Yarəbbi, mənim halım necə olacaq? Axırımız haraya gedib çıxacaq?” – deyə düşünürdüm. Mən bu fikirdə ikən həmin adam əlindəki qəzeti qəzəblə kənara atdı:
– Bəli, – deyə bağırdı. – Ölkə uçuruma yuvarlanır!
Onun da mənim kimi dərdli olduğunu zənn etdim. Fikirləşdim ki, söhbət edərik, dərdimizi bir-birimizə açarıq:
– Cənab, nə olub? – deyə soruşdum. – Bağışlayın, işinizə qarışıram, niyə hirsləndiniz?
O, yenə hərarətlə:
– Daha nə olacaq ki! – dedi. – Ölkənin bir sahibi yoxdur, canım! Namusuma and olsun ki, sahibi yoxdur!
Ondan sonra daha nə olduğunu deyə bilmərəm. Vallah, heç özüm də başa düşmürəm, komissar bəy! Mən ömrümdə heç kəsə çırtma belə vurmamışam. Amma necə oldu, bilmirəm. Bədənimdə sanki bir düymə basıldı, oraya elektrik qüvvəsi buraxıldı, bu sağ əlim birdən havaya qalxdı. Hərifin üzünə bir şillə çəkdim. Bunu inkar etmirəm. Vurdum, amma qəsdən yox. İradəmdən xaric bir işdi, baş verdi.
Komissar şillə yemiş adama baxdı və dişlərini qıcıdaraq bir-birinə sıxdı. Sonra sağ ovcunu qaşımağa başladı və cüssəli adama:
– Haydı, uzatmayın, barışın! – dedi.
Cüssəli adam:
– Barışmaram! – deyə inad etdi.
Komissar makina arxasındakı polis nəfərinə:
– Onda yaz! – dedi. – “Şikayətçi: “Ölkə uçuruma yuvarlanır, ölkənin sahibi yoxdur” deyərək…”
Cüssəli adam bu sözlərin komissarın dilində necə səsləndiyini görcək:
– Yaxşı, cənab komissar, siz deyən olsun. Niyə uzadırıq ki, barışaq, – dedi.
Tərcümə edəni: Yusif Şirvan
BİZ EVƏ QƏZET ALMIRIQ
Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq olduğum yerdə də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə gedib. Bir az sonra dostumun arvadı salona gəldi.
– Sabahınız xeyir!
– Sabahınız xeyir.
– Rahat yata bildinizmi?
– Çox rahat yatdım.
– Xidmətçidən qəzet istəmisiniz?
– Bəli.
Qadın pıçıltı ilə dedi:
– Biz evimizə qəzet almırıq.
Mən də onun kimi pıçıltı ilə soruşdum:
– Nə üçün?
O, yenə də pıçıltı ilə dedi:
– Əvvəllər hər səhər üç qəzet alırdıq, amma indi altı aydır ki, evimizə qəzet gəlmir.
Mən yenə də pıçıltı ilə:
– Nə üçün yavaşcadan danışırsınız? – deyə soruşdum.
O, bir az da qulağıma tərəf əyilib dedi:
– Uşaqlar eşitməsin deyə…
Bu zaman dostum o biri otaqdan arvadını çağırdı.
Səhər yeməyində özümü saxlaya bilməyib dostumdan soruşdum:
– Nə üçün sizin evə qəzet gəlmir?
O, gözü ilə uşaqlara tərəf işarə etdi, barmağını dodağının üstünə qoydu:
– S-s-s.
Az sonra uşaqlar bağçaya oynamağa getdilər. O zaman dostum mənə dedi:
– Evə necə qəzet alım? Başımıza nə oyun gəldiyini bilsəniz, bunu soruşmazsınız. Oğlum ikinci sinifdə, qızım birdə oxuyur. Ən kiçiyi isə hələ məktəbə getmir. Amma o da artıq oxumağı öyrənib.
Bir dəfə bazar günü idi. Hamımız evdə idik. Biz bazar günü beş, başqa günlər isə üç qəzet alırdıq. Anam paltar ütüləyirdi. Bu zaman oğlum:
– Nənəcan, striptiz nə deməkdir? – deyə soruşdu.
Anam:
– Sus, o nə sözdür… Bu saat ağzına istiot tökərəm. Belə tərbiyəsiz sözləri haradan öyrənirsən?! – deyib oğluma acıqlandı.
Mən həmişə düşünürdüm ki, uşaqların bütün suallarına cavab vermək lazımdır. Əlbəttə, onların anlaya biləcəkləri bir şəkildə… Həm də uşaqların sual vermək arzu- sunu boğmaq çox böyük səhvdir. Bu onlarda daha böyük maraq oyadır və mütləq başqa adamlardan suallarına cavab axtarırlar. Bunun isə nəticəsi çox vaxt ürəkaçan olmur.
Oğlum anamın sualına:
– Heç kimdən öyrənməmişəm, nənəcan, qəzetdə yazılıb… – deyə cavab verdi. – Bax yazır ki, “Striptiz ulduzu…”
– Sus deyirəm sənə! – deyə anam acıqlanaraq qəzeti oğlumun əlindən aldı. Mən yavaşcadan anama dedim:
– Uşağa belə acıqlanmaqla heç də yaxşı iş görmədin! İndi uşaq daha da maraqlanacaq. Onların hər sualına cavab vermək lazımdır… Uşağı başa sal!
– Görəcək günlərimiz varmış! – anam dedi. – Əl boyda uşağa bu yaşımda striptiz nə olduğunu öyrədim?
Oğlum anamla nə haqda danışdığımı hiss etdi və bu səfər mənə yaxınlaşıb soruşdu:
– Ata, sən bilirsən striptiz nə deməkdir?
– Qəzeti gətir baxım!
Gətirdi. Qəzetdə böyük bir şəkil var idi: bir yarıçılpaq qadın başını geriyə əymişdi. Şəkil çox yaxından və ön tərəfdən çəkilmişdi. Oğluma striptizin nə olduğunu anlatmaq istəyərkən o biri uşaqlar da yanıma gəldilər:
– Bu şəkli görürsünüz də… Qadınlar paltarlarını belə çıxarıb soyunur və rəqs edirlərsə, ona striptiz deyirlər. Bu şəkildəki qadın da striptiz oynayandır.
Bu dəfə qızım soruşdu:
– Oğlanlar da striptiz oynayırlar?
– Hələ ki striptizi yalnız qadınlar oynayırlar.
– Nə üçün oğlanlar oynamırlar?
İndi mən buna nə cavab verməli idim?!
– Kişilərə yaraşmaz, – dedim, – təkcə qadınlar oynayır.
– Nə üçün axı?
Buna da çətinliklə cavab verdim.
– Qadınlarda daha yaxşı alınır.
– Mən də böyüyəndə striptiz oynayacağam?
Nənəsi qızımın bu sualını eşidən kimi:
– Hə, indi cavab ver görək! – deyə üstümə bağırdı.
– Sən oynamayacaqsan, qızım… – dedim.
– Niyə? Axı mən də qızam…
Uşaqların ən balacası hər şeyi bilirmiş kimi ona dedi:
– Axmaq, çünki sən hələ balacasan, böyük qızlar striptiz oynayırlar.
Qızım birdən anamdan soruşdu:
– Nənəcan, sən də cavanlıqda striptiz oynamısanmı?
Anam üzünü mənə tutub:
– Öyrət uşaqları, öyrət, – deyə bağırdı. Başını bulayıb mətbəxə getdi.
Bu dəfə oğlum soruşdu:
– Ata, qadınlar nə üçün soyunurlar?
– Kişilərin xoşuna gəlmək üçün…
– Axı indi hava soyuqdur…
– Onlar örtülü, isti yerdə soyunurlar.
– Hə, başa düşdüm, hamamda…
Lap kiçik uşağım anasından soruşdu:
– Ana, sən striptiz oynayırsanmı?
Arvadım:
– Sizin başqa işiniz yoxdurmu? – deyə acıqlandı. – Haydı, keçin içəri!
Uşaqların hərəsi bir tərəfə çəkildi. Bu məsələ ilə əlaqədar olaraq anam mənim xəbərim olmadan qızıma:
– Tərbiyəli qadınlar striptiz oynamazlar, – deyibmiş, – striptiz oynamaq ayıbdır…
Heç uşağa belə söz deyərlər? Nə isə… Elə həmin axşam bir rejissor, bir mühəndis, bir də baş müdir işləyən üç dostum arvadları ilə birlikdə bizə şam yeməyinə gələcəkdilər. Dostum rejissorun arvadı bir zamanlar rəqqasə olub… Bu qadın haqqında xoşagəlməyən şeylər də danışırdılar. Baş müdir olan dostumun evlənməyi isə lap qəribə olmuşdu. Yanında işləyən ərli bir qadınla sevişərkən iş başında yaxalanır. Qadının əri arvadına o adamla evlənərsə, onu məhkəməyə verməyəcəyini söyləyir. Onlar da beləcə evlənirlər. İşin maraqlı cəhəti budur ki, baş müdirin əvvəlki arvadı da başqa bir evdə belə bir iş üstündə yaxalanmış, hətta adı qəzetlərə belə düşmüşdü. Gənc mühəndisin arvadı isə məşhur bir kino ulduzu idi.
Bilirsən ki, mənim əvvəldən kinoya böyük marağım var. Biz dördümüz bir film şirkəti qurmaq istəyirdik. Mən ssenari yazacaqdım. Baş müdir mühəndislə sərmayə qoyacaqdılar. Mühəndisin arvadı baş rolu oynayacaq, rejissor dostum isə filmi çəkəcəkdi. Beləcə, ilk filmimizi birlikdə ucuz başa gətirəcəkdik. Şam yeməyinə toplaşmaq- da məqsədimiz də iş haqqında söhbət etmək idi.
Qonaqlar gəldilər. Süfrəyə keçməzdən qabaq salonda söhbət edirdik. Qonaqların xanımları bizim uşaqları çox sevirdilər. Qardaşım, bu vaxt başımıza gör nə iş gəldi! Böyük oğlum birdən rejissorun rəqqasə olmuş arvadından:
– Xala, siz striptiz oynayırsınızmı? – deyə soruşdu.
Elə çıxdı ki, guya biz uşağı öyrətmişik. Keçmiş günlərini unutdurmağa çalışan qadın pərt oldu. Mən o saat dişlərimi ağardıb dedim:
– Hi-hi-hi… Bu gün uşaq qəzetdə striptiz haqqında oxuyub.
Bunun dalınca qızım başladı:
– Mən böyüyəndə striptiz oynayacağam…
Kiçik oğlum:
– Oynaya bilməzsən! – deyə onun üstünə bağırdı.
– Niyə oynaya bilmərəm? Lap yaxşı oynayaram!
– Nənəm dedi ki, striptizi pis qadınlar oynayırlar, – deyə üzünü rəqqasə qadına tutdu. – Elə deyilmi, xala?
Allah bunların cəzasını versin… Böyük oğlum da dedi:
– Amma atam qadınların nə üçün soyunduqlarını bizə demədi.
Baş müdir məni çətin vəziyyətdən qurtarmaq üçün dedi:
– Oğlum, bu, bir sənətdir! Sənət! Gözəl qadınlar soyunur, başqaları da onu seyr edirlər.
Bu dəfə baş müdirin arvadı ərini qısqandı, keçmiş rəqqasəyə tərəf baxıb:
– Əlbəttə, sənətdir, oğlum… O işin də öz ustası var, hər qadın soyunmaz, – deyə ona söz atdı.
İndi gəl çulu sudan çıxart! Nə isə, qardaş, mən dərhal söhbəti dəyişdim. Arvadım uşaqları apardı. Ancaq bir az sonra qızım əlində qəzet qaça-qaça gəlib kino ulduzu olan mühəndisin arvadından soruşdu:
– “Bir gecəlik qız” nə deməkdir?
Qadın qıpqırmızı oldu. Kiçik oğlum:
– Mən də oxumuşam, – dedi, – qəzetdə belə bir qızın həyatından yazıblar. Mən bunun nə demək olduğunu bilirəm.
Böyük oğlum ona:
– Az danış, – dedi. – Mən bilməyəndən sonra sən haradan biləcəksən… Ata, “Bir gecəlik qız” nə deməkdir?
İki od arasında qalmışdım…
– Bəzi qadınlar var ki… Onları… pul ilə alırlar… – dedim.
– Elədirsə, onda çox yaxşı şeydir. Belə bir iş görmək üçün neçə sinif oxumaq lazımdır?
Mən qızımı başa salarkən oğlum bir yandan qışqırdı:
– “Namünasib vəziyyətdə” nə deməkdir, ata?
Bayaq baş müdirin arvadı rəqqasəyə söz atmışdı. Bu dəfə rəqqasə:
– Quzum, sən onu bu xaladan soruş! – deyə baş müdirin arvadını göstərib dedi. – Belə şeylərdən onun yaxşı başı çıxır.
Vəziyyət çox gərgin idi. Arvadım bu xoşagəlməz vəziyyəti yüngülləşdirmək üçün:
– Süfrəyə keçəkmi? – deyə soruşdu.
– Siz bilərsiniz… Amma məncə, hələ tezdir…
Bunu deyən mühəndisin arvadı idi. Anam uşaqları yan otağa apardı. Bir az sakitləşdim. İçəridən uşaqların səs-küyü gəlirdi. Otaqdakı gərgin vəziyyət bir az yatmışdı ki, oğlum əlində bir qəzet qaça-qaça yanımıza gəldi. Qardaş, elə bil öyrətmişdik, gələn kimi rejissorun arvadından soruşdu.
– Xala, “Ümumi ev”[2 - “Ümumi ev” – priton; Türkiyədə və başqa inkişaf etmiş ölkələrdə əxlaqsız qadınların pul müqabilində seksual xidmətlər göstərdiyi və polis nəzarətində olan, sakinləri daimi tibbi müayinədən keçirilən evlər.] necə olur? Bax, burada şəkli var…
O saat oğluma dedim:
– Buraya gətir baxım! Gəl mən deyim. – Üzümü qonaqlara tutub: – Uşaqdır da… ona hər şey maraqlı gəlir… Qəzetdə nə görsələr, nəyi oxusalar, soruşurlar.
– Ata, tez ol, de…
– “Ümumi ev”, bir növ, evdir də…
– Bizim ev kimi?
Qonaqlar gülüşdülər, mən isə ciddi bir halda dedim:
– Xeyr, bizimki xüsusi evdir.
– Axı “Ümumi ev” necə olur?
– Sabah səni başa salaram. Haydı, qaç uşaqların yanına…
– Axı “Ümumi ev”də nə edirlər?
– Nə edəcəklər, canım, yaşayır, yatırlar. Evdir də…
Bundan sonra qızım əlində bir qəzet əlavəsi ilə gəlib kino ulduzuna dedi:
– Xala, bax, bu abla[3 - Abla – ailədə böyük bacı; ümumiyyətlə, yaşca böyük olan kənar xanımlara da hörmət əlaməti olaraq deyilir.] deyir ki…
– Hansı abla?
Qızım qəzetdən məşhur bir kino ulduzunun adını oxudu.
– Bu abla deyir ki, “Şöhrətin yolu rejissorun yatağından başlayır…”
Rejissorun arvadı qısqanclıqla:
– Əlbəttə, – dedi, – rejissorun yatağından başlayır…
– Ata, niyə rejissorun yatağından başlayır? Kino ulduzunun öz yatağı yoxdur ki, rejissorun yatağında yatır?
– Var, qızım, var… Amma məsələn… Bəzən gec olanda və ya xəstələnəndə…
– Deməli, bərabər yatırlar…
– Canım, niyə də yatmasınlar, bunda nə var axı?
– Soyuq olduğu üçün, hə?
– Hə, hə, soyuq olduğu üçün…
Birdən mühəndisin arvadı ayağa qalxıb dedi:
– İcazənizlə biz gedək!
– A-a-a, bəs yeməyə qalmayacaqsınız?
İndi də rejissorun arvadı mühəndisin arvadına söz atdı:
– Kino ulduzumuz hirsləndi…
– Mən niyə hirslənim, elə əsl kefi pozulan sənsən… Balaca bir uşaq “Ümumi ev” haqqında soruşmaqla nə etdi axı, üzün belə qızardı?
Baş müdirin arvadı da yerindən qalxdı:
– Biz də gedirik…
– Xanım, rica edirəm… Üzr istəyirəm… Əgər bizim… – deyə vəziyyətdən çıxmağa çalışsam da, bir şey alınmadı. Qonaqlar çıxıb getdilər.
Bizim film işimiz beləcə alınmadı. O üç dost həm bizdən, həm də bir-birindən incidi… Onlar gedəndən sonra arvadım uşaqları döyməyə başladı. Zorla uşaqları onun əlindən aldım. Döymək daha pis nəticə verir…
O gündən sonra evə qəzet alınmasını qadağan etdim. Mən qəzetləri işdə oxuyuram, sonra gizlincə evə gətirirəm. Arvadım da yatanda oxuyur… Bu evə qəzet alınmır, qardaşım, alınmayacaq da! Səbəbi sizə aydın oldumu?
Tərcümə edəni: Oqtay Orucov
AĞCAQANADLAR OLMASA
On yaşında ikən deyirdi:
– Ah, bir çantam olsaydı… Ah, mənim də o biri uşaqlar kimi kitablarım, dəftərlərim olsaydı!.. Onda görərlər, necə oxuyuram. Heç bir şeyim yoxdur. Kitablarsız necə dərs oxuyum?..
***
On üç yaşına gəlincə, o biri uşaqlar kimi kitabları, dəftərləri, çantası oldu. Amma heç cür oxuya bilmirdi.
– Dost-tanışlarım kimi şəraitim yoxdur… – deyirdi. – Anam, atam, qardaşlarım – hamımız bir otaqda yaşayırıq. Belə dar yerdə dərs hazırlamaq olarmı? Ah, bir yazı masam olsaydı, bir də kitab şkafım. Bax onda məktəb birincisi olardım…
***
On altı yaşında öz otağı, masası, şkafı da oldu.
– Mənim yaşımda bir gənc həftədə on lirə cibxərcliyi almazsa, necə dərs oxuya bilər? Kitab-dəftər almalıyam. Ah, ah… Yaxşı xərcliyim olsaydı, onda hər şeyim olar, mən də daha səylə dərslərimə hazırlaşardım…
***
İstədikləri on səkkiz yaşında ikən oldu.
– Ah, bu məktəbi bitirsəydim… Həyat başqa, məktəb başqa… Universiteti bitirəndən sonra elə çalışacağam ki, həsəd aparacaqlar… Elə bir əsər yazacağam ki…
***
İyirmi dörd yaşında birtəhər ali məktəbi bitirdiyi zaman belə söyləyirdi:
– Heç cür istədiyim kimi çalışa bilmirəm. Ağlım, fikrim həmişə əsgərlikdədir… Ah, bu əsgərliyi bitirsəydim, gecə-gündüz durmadan tər tökərdim… Çalışmasan, əsər ortaya çıxmaz. Bir əsər yazacağam ki, hər kəs məndən danışacaq. Ah, bu əsgərlik…
***
İyirmi altı yaşında əsgərliyini bitirmişdi:
– Çalışa bilmirəm ki… Heç cür istədiyim kimi çalışa bilmirəm. Əsərimi yaza bilmirəm. Bu vəziyyətdə necə yazmaq olar? Hər gün çörəkpulu arxasınca qaçıram. İnsanın yaxşı bir işi, bəlli bir gəliri olmasa, nə cür əsər yazar? Ah, ah… Bir yaxşı iş tapsam, əsərimi yazmaq üçün hər gecə səhərə qədər işləyərəm.
***
İyirmi səkkiz yaşında iş-güc sahibi olmuşdu.
– Çalışa bilmirəm, vəssalam! – deyirdi. – Necə çalışım belə? İnsanın ikiotaqlı evi olmalıdır. Radiosu olmalıdır. Açarsan radionu, musiqidən ilham alarsan… Bax o zaman durmadan yaz!.. Ah, ah!.. Bir radio olsaydı…
***
İyirmi doqquz yaşında ikiotaqlı bir mənzil kirayəyə götürdü. Bir də radio aldı. Amma yenə istədiyi kimi yaza və illərdən bəri düşündüyü əsərini ortaya çıxara bilmirdi.
– Ah!.. – deyirdi. – Bu tənhalıq var ha… Sanki sinəmin içi sonsuz, dibsiz quyular kimi bomboşdur… İnsan tənha olanda necə yazıb-yarada bilər? Adamı çalışmağa həvəsləndirən, şövqləndirən, hətta məcbur edən bir qüvvə olmalıdır. Kimin üçün çalışacağam? Kimdən ruhlanıb əsər yazacağam? Ah, ah… Ey eşq, haradasan?..
***
Otuz yaşında aşiq oldu. Həm sevir, həm də sevilirdi. Amma illərdir düşündüyü o böyük əsərini heç cür yaza bilmirdi.
– Eşq gözəl şeydir, – deyirdi. – Bəli, gözəl olmağına gözəldir. Amma evlənmədən yazmaq olarmı? Evlənsəm, o zaman həyatım qaydaya düşər, istədiyim kimi çalışaram. Ah, evlənsəydim… Bir dəqiqəmi belə boş keçirməz, dayanmadan yazardım.
***
Otuz iki yaşında evləndi. Xoşbəxt idi, amma əsərini heç cür yaza bilmirdi. Çünki haqlı səbəbi vardı.
– Dolanmaq dərdi mindi çiyinlərimə. Çörəkpulu dalınca qaçmaqdan öz istədiyim kimi əsər yazmağa vaxtım yoxdur ki… Əsər yazmaq üçün insanın bütün zamanını, gücünü qələmə verib çalışması gərəkdir. O da bu pulla olmaz.
***
Otuz altı yaşında qazancı artmışdı. Amma bir özünü dinləyək:
– İkiotaqlı bir mənzil… Otaqlar da kiçikdir. Uşaq-muşaq səs-küyü də bir yandan… İnsan bu səs-küyün içərisində əsər yaza bilərmi? Ah, dörd-beş otaqlı bir evdə yaşasam, elə bir əsər yaradacağam ki…
***
Otuz səkkiz yaşında beşotaqlı bir evə köçdü. Lakin heç cür əsərini yaza bilmirdi. Yaza bilmirdisə, təqsir onun deyil ki…
– Şəhər içindəki bir evdə insan necə ilhamlana bilər? Bu gurultu içində gəl bir yaz da… Əsərimi yaza bilmək üçün səssizliyə, yaxşı istirahətə ehtiyac var. Bura toz-torpaqlı, gurultulu yerdir… Yox, burda alınmaz. Ah, sakit, səssiz bir evə köçsəm, elə ilhama gələrəm ki… İçimdə yazmağa qarşı dərin bir susuzluq var.
***
Qırx yaşında ikən, tam axtardığı kimi, səssiz bir yerdə gözəl mənzərəli, geniş bir evə köçmüşdü. İstədiyi kimi çalışa bilirdimi? Xeyr. Çünki:
– Ah, ah… – deyirdi, – insanın evində gözəl əşyalar – divarlarda dəyərli tablolar, bahalı mebellər, əntiq əşyalar, rahat oturacaqlar, yumşaq xalılar olmazsa, necə yaza bilər? Gözəl əsər ortaya çıxarmaq üçün insanın gözü zövqlü şeylər görməlidir. Klassik musiqi valları olmalıdır. Bir yandan gözün, bir yandan qulağın zövq alarkən sən heç dayanmadan çalışacaqsan. Ah, ah… Bu istədiklərim bir gün olacaqmı, yarəbbi… Elə yazaram ki…
***
Qırx iki yaşında tam istədiyi kimi rahat, gözəl, dəyərli əşyalara da qovuşdu. Əgər yenə də heç cür əsərini yaza bilmirsə, o nə etsin?
– Ah, ah, – deyirdi, – mənim halımı bir bilsəydiniz. Pul dərdi, dolanmaq sıxıntısı çəkmirəm. Arvadım məni xoşbəxt edir. Uşaqlarım da yaxşıdırlar… Evim genişdir, rahatdır, mənzərəsi də gözəldir. Çox dəyərli, bahalı əşyalarım, üstəlik, bolluca zamanım da var. Amma bu ağcaqanadlar var ha, lənətə gəlmiş ağcaqanadlar… Heç cür rahatlıq vermirlər ki, oturub yazam. Mənim halım necə olacaq? Nədir bu ağcaqanadlardan çəkdiyim? Ah, ah… bu ağcaqanadlar olmasa, mən bilirəm necə yazacağımı… Amma nə edək ki, ağcaqanadlar qoymurlar. Heç cür əsərimi yaza bilmirəm. Gecələr yatmıram ki, əsər yazam, bu ağcaqanadların əlindən fürsət olmur. Pəncərələri bağlayıram, isti olur. Pəncərələrə tor çəksəm, evin görünüşünü pozacaq. Necə? Qışda yazım? Hə, düzdür, qışda ağcaqanad olmaz.
***
Gəlin ümidimizi ondan kəsməyək. Əlbəttə, bir gün axtardığı rahatlığa çıxacaq, elə ilhamlanacaq ki, dayanmadan, hətta nəfəsini belə dərmədən çalışıb o böyük əsərini ortaya çıxaracaq.
Tərcümə edəni: Oqtay Orucov
BÖYÜK ADAMIN QARDAŞI OĞLU
Biz idarədə bir ailə kimi dolanırdıq. Hamımız da burada çoxdan bəri işləyir, bir-birimizi yaxşı tanıyırdıq. Aramızda söz-söhbət olmazdı. Hamı bir-birini sevir və hörmətini saxlayırdı.
Beləcə rahat və xoşbəxt ikən günün birində müdir bizim otağa girdi. Yanında da cavan bir oğlan. Müdir bir az qayğı, bir az da hörmətlə, əli cavan oğlanın çiynində, onu özündən əvvəl otağa buraxdı. Özü də onun arxasınca içəri girdi. Ayağa qalxdım. Ardımca yoldaşlarım da ayağa qalxdılar.
Bizim müdir çox yaxşı adamdır. Amma bir az sərtdir. Heç birimizə üz verməz, otağımıza da gəlməzdi. Görünür, bu gəlişdə nə isə bir iş vardı. Cavan oğlana baxır, amma onu heç kəsə oxşada bilmirdim. Yuxarıdan gəlmiş vəzifə sahibi desəm, oxşamırdı. Hərçənd indi cavan uşaqlar da müfəttiş vəzifəsində çalışırlar, amma bu onlara da bənzəmirdi. Bəs nə üçün müdir onun qoluna girmişdi?!
Müdir cavan oğlanı mənim yanıma gətirdi, əvvəl mənimlə, sonra başqaları ilə tanış etdi.
– Təkin bəy…
Tanışolma mərasimi qurtaranda müdir:
– Təkin bəy sizin şöbədə işləyəcək, – dedi. – Mən indi təsərrüfat müdirinə tapşırıq verərəm.
Mən istər-istəməz:
– Nə işdə çalışacaq? – deyə soruşdum.
Müdir qıpqırmızı oldu və:
– Mən sonra sizə deyərəm, – dedi.
O, cavan oğlana tərəf döndü, boş bir stulu göstərərək:
– Siz hələlik buyurub burada əyləşin, – dedi. – Mən sizin üçün stol gətirdərəm.
Müdir çıxıb getdi. Hamımız gözucu Təkin bəy adlanan bu cavana baxırdıq. O, ayağını bir-birinin üstünə aşırmışdı, qolunu stoluma söykəyərək siqaretini tüstülədirdi.
Mən bir daha ona:
– Xoş gəlmisiniz, oğlum! – dedim.
– Çox sağ olun! – deyə cavab verdi.
Otaqdakılar da cavan oğlanı xoş qarşıladılar. Sonra ortaya sükut çökdü. Az sonra cavan oğlan:
– Siz burada nə işlə məşğul olursunuz? – deyə soruşdu.
– Bura ikinci şöbədir. Biz buraya göndərilən məktublara cavab verir, göstərilən işləri görürük.
Cavan oğlanın nə iş gördüyümüzü başa düşdüyünü deyə bilmərəm, amma o:
– Cansıxıcı işdir, – dedi.
– Cansıxıcı olsa da, nə etmək olar?! Borcumuz onu yerinə yetirməkdir.
Az sonra kuryer gəldi və mənə:
– Müdir sizi çağırır, – dedi.
Müdirin qapısını döyərək içəri girdim.
– O cavan oğlanın kim olduğunu bilirsənmi?
– Bilmirəm, – dedim.
– Amanın günüdür, ehtiyatlı olun. O, Fişgetdin bəyin qardaşı oğludur.
– Hə?.. – təəccübdən ağzım açıla qaldı.
– Bu gün səhər Fişgetdin bəy mənə zəng etdi. “Qardaşım oğlunu yanınıza göndərirəm. Ona münasib bir iş verin”, – dedi. İki saat sonra bu oğlan gəldi. “Əmim sizə zəng etmişdi?” – deyə soruşdu. “Bəli” dedim, amma cavan oğlanın təhər-töhürü xoşuma gəlmədi. “Necə iş istəyirsiniz?” – deyə soruşdum. O: “Bu məsələni əmimlə razılaşdırın”, – dedi. Nə bacardığını bilmirdim ki, ona görə də iş verəydim. Üzdən 20 yaşı ancaq olardı. “Əsgərlikdə olmusunuzmu?” – deyə soruşdum. “Əlbəttə!” cavabını verdi. Təhsilini soruşdum. Məlum oldu ki, ali təhsillidir. “Diplomunuzu, hərbi biletinizi və pasportunuzu gətirin, münasib bir iş verək!” – dedim. Nahardan sonra istədiklərimin hamısını gətirdi.
İndi mən başqa şöbəyə göndərsəm, yoldaşlar onu yola verə bilməzlər. Başımıza əngəl açılar. Sən, necə də olsa, təcrübəli adamsan. Amanın günüdür, heç bir şikayətə yol vermə. Onu birtəhər yola verin getsin.
– Baş üstə. Ona nə kimi iş verməliyik?
– Vallah, heç özüm də bilmirəm. Bax da… nə iş olsa, verərsən. Çox işlətməsən də olar.
Qayıdıb şöbəyə gəldim. Gördüm ki, Təkin bəy üçün üstü şüşəli bir stolla bir kreslo gətiriblər. Mən hələ ömrümdə elə bir stol arxasında oturmamışdım. “Mən axı bu cavan oğlana nə iş verim?” – deyə düşündüm. Sonra şkafdan qovluq çıxarıb:
– Təkin bəy, – dedim, – vaxt tapdıqca bu materialların surətini çıxarın.
– Nəyini çıxarım?
– Surətini.
– Onu necə edirlər?
Özümü itirdim və üzünə baxdım. Surətçıxarmanın necə edildiyini başa salmağa çalışdım. Boynunu qaşıdı.
“Fişgetdin bəyin qardaşı oğlu olmasaydın, sənə neyləyəcəyimi yaxşı bilərdim. Şükür et ki, elə adamın qohumusan”, – deyə ürəyimdə fikirləşdim.
– Yoldaşlar birinci dəfə üçün kömək edərlər, – dedim.
Qovluğu aldı. Barmaqlarına tüpürə-tüpürə onu bir qədər vərəqlədi. Bir az sonra:
– Mən gedirəm, – dedi.
Səsimi çıxartmadım. Çıxıb getdi. Ertəsi gün saat on ikinin yarısında gəldi, bir az oturub getdi. O gün bir daha gəlmədi. O biri gün isə nahardan sonra gəldi. Əlləri şalvarının cibində, fit çala-çala gəzindi, bir neçə dəfə otağa girib-çıxdı və getdi.
Xeyli vaxt belə ötüb-keçdi. Bir gün iş yoldaşlarımızdan Safiyə xanım:
– Bu Təkin bəy haranı bitirib? – deyə soruşdu.
– Hüquq fakültəsini, – dedim.
Qadın bir az düşünəndən sonra dedi:
– Vallah, o heç orta məktəbi də qurtarmayıb.
Düzü, mən də şübhələnirdim. Çünki o, düz-əməlli yaza da bilmirdi.
Safiyə xanım:
– Mənə elə gəlir ki, – dedi, – o, Fişgetdin bəyin qardaşı oğlu da deyil. Bizim müdiri başa salın. İndi belə şeylər çox olur. Qəzetlərdə oxumursan?
Ağlıma batdı. Gedib bu söhbəti olduğu kimi müdirə söylədim. Müdir:
– Aman, sus! – dedi. – Mən də şübhə edirəm. Mən hələ bu qədər cahil adam görməmişəm. Düzünü öyrənmək üçün nə edək?
– Siz onun diplomunu mənə verin, – dedim. – Gedib öyrənərəm.
Diplomu alıb elə həmin gün hüquq fakültəsinə getdim. Məlum oldu ki, diplom saxtadır. Müdir:
– Amanın günüdür, bir az da gözləyək, – dedi. – Hay-küy salmayaq. O, doğrudan da, Fişgetdin bəyin qardaşı oğludursa, başımız bəlaya düşər.
Aradan yenə bir qədər vaxt keçdi. Şöbəmizdə əcaib hadisələr baş verməyə başladı. O günə qədər otağımızda bir sancaq belə itmədiyi halda, indi pullarımız, bahalı qələmlərimiz oğurlanmağa başladı. Təkin bəyin idarəyə hər gəldiyi gün otağımızda bir şey yox olurdu. Bir gün də Müştaq bəyin təzə paltosu yoxa çıxdı. Kuryeri sıxma-boğmaya saldıq. O isə:
– Mən oğrunun kim olduğunu bilirəm, – dedi, – amma deyə bilmərəm. Başımı bəlaya soxmaq istəmirəm.
– Heç kəsə demərik, – deyə söz verdik.
Kuryer ancaq bundan sonra:
– Hər şeyi oğurlayan Təkin bəydir, – dedi. – Qapıdan neçə dəfə göz qoymuşam. O oğurlayır.
Bundan sonra idarənin inventarları da yoxa çıxmağa başladı. Bir gün də yazı makinası yox olanda gedib vəziyyəti müdirə danışdım.
Müdir:
– Heç səs salma, – dedi. – Aradabir mənim otağıma da gəlir. Nə vaxt gəlirsə, bir şey yoxa çıxır. Dünən də təzə alışqanım getdi.
Qayıdıb otağımıza gəldim. Bircə Fişgetdin bəyin qardaşı oğlu olmadığını öyrənə bilsəydim, ona bir divan tutardım ki!..
Bir gün Müştaq bəy:
– Bu hərif, görəsən, əsgərlik edib? – deyə soruşdu.
– Edib. Ehtiyat zabitidir.
– Yalandır. Onun hərbi işdən qəti anlayışı yoxdur.
Gedib bunu da müdirə söylədim.
– Mən də şübhə edirəm, – dedi. – Bunu necə öyrənək?
– Hərbi şöbəyə gedib öyrənərəm.
Gedib nə öyrənsəm yaxşıdır? Onun hərbi bileti də saxta imiş. Müdirə dedim:
– Bu adamı polisə verməliyik.
– Verməyinə verək, – dedi, – amma Fişgetdin bəyin qardaşı oğludursa, onda necə olsun?!
Biz yenə heç bir şey edə bilmədik. Bu Təkin bəy yavaş-yavaş qovluqları da qurdalamağa başladı. Əvvəllər idarəyə az gəldiyi halda, indi tez-tez görünməyə başladı. Yoldaşlar göz-qulaq olsalar da, o öz bildiyini edirdi. Hər necə olsa, biz ona “ora-bura əl vurma” deyə bilməzdik.
Onun bu əməliyyatlarının səsi tezliklə çıxmağa başladı. Məlum oldu ki, o, vətəndaşlardan “Sizin işi tez həll etdirərəm” deyə pul almağa başlayıb. Yoldaşlarımızdan İrfan bəy bu zaman dedi:
– Nə deyirsiniz deyin… Bu hərif heç vaxt Fişgetdin bəyin qardaşı oğlu ola bilməz!
– Amma olarsa?..
– Ola bilməz! Çünki onun adı heç Təkin də deyil.
– Bəs nədir?
– Doğan…
– Doğrudanmı?
– Vallah, elədir. Bu günlərdə onu bir yoldaşı ilə gördüm. Kinoklubda bir yerdə idilər… Həmin adam ona hey Doğan deyirdi. Bir dəfə də olsun Təkin demədi.
Müdirin yanına gedib eşitdiklərimi dedim.
O yenə:
– Mən çoxdan bəridir ki, şübhələnirəm, – dedi. – Bunu bircə öyrənə bilsəydik…
– Mən öyrənərəm!
Araşdırdım, məlum oldu ki, onun pasportu da saxta imiş. Sonra müdirə dedim:
– Daha durmaq vaxtı deyil! Onu dərhal polisə təslim etmək lazımdır.
– Bəs birdən Fişgetdin bəyin qardaşı oğlu çıxsa, onda necə olar?
***
Xadimə qadının iki gözü çeşmə olmuşdu. Səbəbini soruşduqda məlum oldu ki, Təkin bəy “səninlə evlənəcəyəm” deyə idarədə işləyən dörd qızın başına gətirdiyi işi onun da başına gətiribmiş. Qızlara çox acığım tutdu, onları danladım:
– Görünür, elə siz onun belə rəftarına hazırmışsınız! Gözləyirmişsiniz ki, bu hərif gəlsin və sizi belə aldadıb biabır etsin!
Qızlar da polisə şikayət etmək fikrində olduqlarını dedilər. Ancaq Fişgetdin bəydən qorxduqları üçün bunu edə bilmirdilər. Sonra məlum oldu ki, Təkin bəy dəftərxanadakı dul bir qadına da evlənmək vədi verib on min lirəsini əlindən alıbmış.
İşə gəlməsi heç altı ay olmamışdı. Amma o, idarənin altını-üstünə çevirmişdi. Aldatmadığı, kələk gəlmədiyi adam qalmamışdı. Bir iş üçün idarəyə gələn vətəndaşlardan tutmuş müdirə qədər hərəyə bir badalaq gəlmişdi.
Nəhayət, idarənin bütün əməkdaşları toplanıb bu bəlanı başımızdan necə rədd etmək yollarını müzakirə etdik. Hamı ondan şikayət etdi. “Səni məmur vəzifəsinə təyin etdirəcəyəm” deyə qapıçının iki yüz lirəsini əlindən alıbmış. Müdir müavininin evində hoteldəymiş kimi iki ay yaşamış, sonra onun xalçasını və radiosunu oğurlayıb satıbmış… Fişgetdin bəyin qardaşı oğlu olmasından qorxub heç kəs bu günə qədər çınqırını çıxarmamışdı. Yoldaşlardan biri: “Belə tərbiyəsiz adam heç vaxt Fişgetdin bəy kimi tanınmış bir şəxsin qardaşı oğlu ola bilməz”, – deyə inad etdi.
– Aramızdan bir nümayəndə seçib Fişgetdin bəyin yanına göndərək… Bu yolla Təkinin onun qardaşı oğlu olub-olmadığını öyrənə bilərik.
Son qərarımız belə oldu.
Biz bu qərara gələndə xəbər tutduq ki, Fişgetdin bəy idarəmizə gəlməyə hazırlaşır. Hə, indi hərifin vay halına! Onun bütün saxtakarlıqlarının üstü açılacaq. Fişgetdin bəy onu görən kimi işi bitəcək. Biz hər cür hazırlığı başa çatdırdıq. Onu dərhal tutub polisə verəcəkdik.
Müştaq bəy:
– Yox… bu azdır, – dedi. – Onun üzünə iki dəfə tüpürmədən polisə vermərəm.
Müdir müavini:
– Mən də onu yaxşıca əzişdirəcəyəm, – dedi.
Onun aldatdığı qızlardan biri çantasında şiş dabanlı bir tufli gəzdirirdi. O bu tufli ilə hərifin başına vuracaqdı. Beləliklə, hərə özünə görə bir hazırlıq görmüşdü. Mən bunu hiss edib:
– Nə edəcəksinizsə edin! – dedim. – Ancaq amanın günüdür, onu şikəst etməyək.
Mənim də öz planım vardı. Stolumun üstündə yarımlitrlik bir mürəkkəb şüşəsi hazır dururdu. Onu hərifin başına tökəcəkdim. Fişgetdin bəyin idarəmizə gələcəyini öyrənərsə, hərif buraya ayaq basmaz deyə bu məsələni ondan gizlədirdik. Fişgetdin bəyin gələcəyi günü Təkinin də orada olması üçün müxtəlif tədbirlər gördük.
Nəhayət, Fişgetdin bəy gəlib çıxdı. Təkin də bu vaxt bizim otaqda idi. Müdir bir yol tapıb Fişgetdin bəyi bizim otağa gətirəcəkdi. Hamı həyəcan içində idi. Hər kəs hazırlığını başa çatdırmışdı. Çayçı bir vedrə su qaynatmışdı. O bu qaynar suyu Təkin bəyin başına tökəcəkdi. Biz polis idarəsinə də xəbər vermişdik və oradan üç polis gəlmişdi. Onlar hərifi tutub aparacaqdılar.
Nəhayət, Fişgetdin bəy ətrafında müdir və müavini bizim otağa gəldi. İdarəmizin bütün əməkdaşları da qapının arxasına yığışıb gözləyirdilər. Kiminin əlində zopa, kiminin əlində süpürgə…
Fişgetdin bəy içəri girər-girməz Təkin yerindən sıçrayıb ona tərəf cumdu və əlini öpdü. Fişgetdin bəy:
– Sağ ol, oğlum! – dedi.
Təkin:
– Əmidostum necədir, yaxşıdırmı? – deyə soruşdu.
– Allaha şükür, yaxşıdır, hamı canına duaçıdır.
Təkin:
– Əmidostum mənə nə qədər “Təkin, evə gəl, qonaq ol” deyir. Amma heç cür vaxt tapıb gedə bilmirəm. Əmidostumun yanında üzüqara oldum. Məni buraya qulluğa düzəltdiyiniz gündən inanın ki, boş vaxtım olmur.
Fişgetdin bəy bir Təkinə baxdı, bir müdirə:
– Siz necə, Təkindən razısınızmı? – deyə soruşdu.
Müdir:
– Çox razıyam, əfəndim! – dedi.
– Şöbə müdiri kimdir?
Müdir məni göstərdi.
Fişgetdin bəy:
– Necədir, Təkin işin öhdəsindən yaxşı gəlirmi?
– Ah, əlbəttə!
Çölə çıxdılar. Onlar qapıdan çıxanda Təkin Fişgetdin bəyin əlini bir də öpdü. Biz yerimizdəcə quruyub qaldıq.
İki ay sonra Təkinin vəzifəsi böyüdüldü.
Dünən o, yüz lirə versəm, mənə həkimdən biraylıq işdən azadolma kağızı düzəldəcəyini söylədi. Bilmirəm bu pulu ona verim, ya yox. Bu haqda fikirləşirəm.
Tərcümə edəni: Yusif Şirvan
VƏTƏN BORCU
Həbsxanaya vəlvələ düşmüşdü, təzə xəbər kameradan-kameraya yayılırdı:
– Xəbərin varmı, Vazelin Ehsan tutulub.
– Qardaş, Vazelin Ehsan kimdir axı?
– Siz cavanlar onu tanımazsınız! Onun qılıncının dalı da, qabağı da kəsəndə siz hələ ananızın qucağında idiniz.
Vazelin Ehsan əvvəlcə iki həftə xüsusi təcridxanada saxlanıldı. Sonra onu ikinci şöbədəki kameralardan birinə köçürdülər. Orada məşhur dələduzlar saxlanılırdı. Ehsanın keçmiş dostları, köhnə cinayətkarlar onu tanıyırdılar.
– Xoş gəlmisən, Ehsan ağabəy![4 - Ağabəy (qısa şəkildə – abi) – böyük qardaş, dadaş deməkdir. Türkiyədə özündən yaşlı adamlara müraciətdə də işlədilir.]
– Ehsan ağabəy, nə üstündə tutuldun?
Kameradakılar çay içirdilər. Vazelin Ehsan çay məcməyisinə saymazyana bir yüzlük atdı. Təzədən çay dəmləndi. O da necə yaxalandığını danışmağa başladı:
– Vallah, desəm, sizə çox gülməli gələcək, inanmazsınız. Mən özüm də heç inana bilmirəm. Kimə, kimə, daha mənə yox da… Əlli yaşım var, saçım-saqqalım ağarıb, ancaq heç belə oyuna düşməmişdim. Bu dəfə mən vətəndaşlıq borcumu yerinə yetirmək üstündə yaxalanmışam! Vətənim üçün çalışmışdım!..
Siz bilirsiniz ki, mən çayxana işlədirəm. Bir dəfə polis idarəsindən iki nəfər yanıma gəlib dedi: “Bizimlə polis idarəsinə gedəcəksən”. Köhnə polis işçilərinin hamısını tanıyırdım. Təzələri ilə, əlbəttə, işim olmamışdı. Gedək deyirsiniz, gedək də… Soğan yeməmişdim ki, içim göynəsin. İdarəyə girəndə nə görsəm yaxşıdır?! Şirin Heydər polis idarəsində, yuxarı başda oturub. Mənim vaxtımda o, xəfiyyədə işləyirdi, indi isə baş komissar olmuşdu… Onun bir gözü azca çaş baxırdı və nəzərləri mülayim olduğu üçün hamı onu Şirin çağırırdı. Ancaq əslində, Allah da bilir ki, o, istiotdan acıdır.
Mən Şirin Heydərdən soruşdum:
– Qardaş, mənlə işin vardı? Məni çağırtdırmısan?..
– Əyləş, Ehsan, – dedi və oturmaq üçün stul göstərdi.
Əlbəttə, o dəqiqə barmağımı dişlədim, başa düşdüm ki, burada nə isə bir iş var. Mən Heydərin şakərinə yaxşı bələdəm. Əgər səndən keçəsi bir işi yoxsa, heyvan kimi üstünə şığıyacaq, təpik və şapalağı işə salacaq.
Mən onun göstərdiyi yerdə oturdum.
O mənə “Səndən bir şey istəyirəm” deyəndə qanım qaraldı. Məndən nə istəyə bilərdi?! Axı mən axırıncı işdən sonra bu polislərin hamısı ilə halalcasına hesablaşmışdım. Öz payıma düşən məbləğə də çayxana açmışdım.
– Ağabəy, – dedim, – özün bilirsən ki, axırıncı məsələ zamanı hər kəsin haqqını tamam-kamal vermiş, sənin sayəndə xilas olub keçmişimlə tamamilə üzülüşmüşdüm. Bütün köhnə haqq-hesablar ödənilib. Vaxtı da keçib. İndi məndən nə istəyirsən?
O mənə qulaq asdıqdan sonra dedi:
– Köhnə haqq-hesab çürüdülüb, necə deyərlər, keçənə güzəşt deyiblər. İndi sənə başqa bir işimiz düşüb. Biz səni çağırmışıq ki, vətəndaşlıq borcunu yerinə yetirəsən, vətən üçün çalışasan.
Öz-özümə fikirləşdim ki, görəsən, bu vətəndaşlıq borcu nə deməkdir? Hərbi xidmətdir? Əlbəttə! Demək, məni çağırıblar ki, orduya xidmətə göndərsinlər?
Şirin Heydərə dedim:
– Başına dönüm, qardaş, ayaqlarının altında ölüm, mən öz vətəndaşlıq borcumu vermişəm axı. Altı il donanmada xidmət etmişəm. Lap axırıncı gününədək.
Mən bu sözləri dediyim zaman Heydər əmr etdi ki, çay gətirsinlər, məni siqaretə də qonaq elədi. Başa düşdüm ki, onlar “vətən borcu” sözü altında məndən nə isə qoparmaq istəyirlər.
– Qardaş, – dedim, – əgər ürəyində başqa bir şey tutmusansa, açıq de. Bacardığım işdirsə, məmnuniyyətlə yerinə yetirərəm. Çayxanam da elə bil mənim deyil, lap sənindir…
Şirin Heydər dedi:
–Yox, canım, bu nə hərbi xidmət məsələsidir, nə də çayxana… Vətənin sənə başqa tapşırığı var. Sən indi ölkəmizin və hökumətimizin şərəfini qorumalısan… Hökumətin sənə işi düşüb.
Mən dedim:
– Əzizim, gəl sən məni dolama. Mən nə karəyəm ki, bizim qüdrətli hökumətimizin mənə, köhnə bir cibgirə ehtiyacı olsun, ona işi düşsün!
Şirin Heydər cavab verdi:
– Elə demə, bu, hökumət işidir, bilmək olmaz. Elə vaxt olur ki, o, istədiyi vətəndaşını köməyə çağırır.
– Baş üstə, – dedim, – əgər söhbət vətəndaşlıq borcundan gedirsə, mən hər dəqiqə hazıram, desən ki öl, ölərəm də…
Şirin Heydər məsələnin nə yerdə olduğunu mənə başa saldı:
– Bizim ölkəyə müxtəlif dövlətlərin nümayəndələrindən ibarət böyük bir heyət gəlib. Onların içərisində amerikan, alman, danimarkalı, fransız da var. İçərilərində tacirinə, həkiminə, professoruna da, bir sözlə, hər sənət sahibinə rast gəlmək olar. Bizə kömək etmək üçün ölkəmizi öyrənmək istəyirlər. Ancaq nümayəndə heyəti hər yerdə qayda-qanunsuzluğa rast gəlib və gördüklərinin heç biri xoşlarına gəlməyib. Meşə təsərrüfatı ilə tanış oldular, xoşlarına gəlmədi. Səhiyyə işlərini öyrəndilər, o da həmçinin. Zavodlara baxdılar, yenə xoşlarına gəlmədi… Bir sözlə, çox pərtlik oldu. İndi hökumət qərara alıb ki, nə olursa olsun, elə bir şey düzəltmək lazımdır ki, bu, əcnəbilərin xoşuna gəlsin. İndi, Ehsan bəy, iş sənə qalıb. Vətənin tapşırığını yerinə yetirməlisən.
Mən belə başa düşdüm ki, hökumət əcnəbiləri heç bir şeylə razı sala bilməyib, indi qərara gəlib ki, bizdə oğurluğun yüksək səviyyədə olduğunu onlara göstərsin. Buna görə də bu işi mənə tapşırırlar…
– Mən səni başa düşdüm, Heydər bəy, – deyə cavab verdim. – Yəni göstərmək istəyirik ki, bizdə başqa şeylər zəifdirsə, oğurluq çox yüksək səviyyədədir.
– Sən təxminən düz başa düşmüsən. Əcnəbilərə göstərməliyik ki, bizim güclü polisimiz var və o, çox gözəl işləyir…
– Bu, çətin işdir… – dedim.
– Hə, əlbəttə, – o mənim sözümü təsdiq etdi. – Elə buna görə də səni çağırmışıq… Sən indi özünü köhnə cinayətkar, məşhur cibgir, öz işinin ustası kimi göstərməlisən.
Mən soruşdum:
– Necə yəni? Başa düşmədim?
O məni başa saldı. Dedi ki, nümayəndə heyətinin qaldığı mehmanxananı, orada yaşayanları mənə göstərəcəklər. Mən də, öz növbəmdə, onların cibində Allahın olanından nə varsa, hamısını “təmizləməliyəm”… Əlbəttə, sonra hay-küy qopacaq və hamı polis idarəsinə yüyürəcək. Polis idarəsində isə onlara deyəcəklər: “Heç narahat olmayın, bizdə güclü polis var, yaxşı işləyir, beş dəqiqənin içərisində biz dələduzu taparıq!” Mən çırpışdırdığım şeyləri dərhal polis idarəsinə gətirəsi olduğum üçün zərərçəkənlər öz şeylərini yerli-yerində alacaqlar. Polis nəfəri də əlini papağına aparıb deyəcək: “Buyurun, şeylərinizi alın!”
Əcnəbilər də, əlbəttə, səfeh adamlardır, öz aralarında deyəcəklər: “Əhsən! Bax belə işləyərlər!”
Mən dedim:
– Bacarmaram, Heydər bəy, əlim gəlməz.
– Nə üçün?
– Əvvəla, ona görə ki bu peşəni çoxdandır tərk etmişəm. Əlim vərdişdən qalıb, bacarmaram…
– Bu barədə narahat olma, bacararsan… – O məni arxayınlaşdırdı.
Mən dedim:
– Tövbə etmişəm, Heydər bəy! Cavanlar içərisində çoxlu cəld işləyən cibgirlər var. Onlar vətən qarşısında bu borcu məndən daha yaxşı yerinə yetirərlər.
– Yeniyetmə cibgirlərin südü çürük olur. Onlara bel bağlamaq olmaz. Oğurlamağına oğurlayarlar, ancaq polis idarəsinə heç bir şey gətirməzlər. Sonra get axtar görüm haradan tapacaqsan!.. Sonra əcnəbilərin qarşısında da biabır olarıq, polisin adı bədnam çıxar. Bizə sənin kimi namuslu cibgir lazımdır.
– Əzizim, etimadına görə çox minnətdaram, ayaqlarını öpməyə də hazıram, ancaq bu işi bacarmaram.
– Özün bilərsən, Ehsan, ancaq sonra öz bəxtindən küs. Çayxanana basqın eləsələr, bizdən incimə. Biz bilirik ki, orada qumar oynayırlar. Tiryək də alıb-satırsan. Özün bilən yaxşıdır…
Gördüm ki, yaxamı qurtara bilməyəcəyəm, razı oldum. Dedim:
– Ancaq qardaş, mən vətən qarşısında borcumu müftə yerinə yetirməyəcəyəm… Tutaq ki, qəniməti gətirib qaytardım, bunun əvəzində mənim əlmuzdum nə olacaq?
Şirin Heydər hirsləndi və üstümə çığırdı:
– Sənə vətəndaşlıq borcu barədə deyirlər, sən isə tamah güdürsən!
– Hirslənmə, əzizim. Sən də polisdə işləyib vətəndaşlıq borcunu yerinə yetirirsən, ancaq hər ay sənə bala-bala maaş da gəlir. Məclis deputatı da öz borcunu maaşsız yerinə yetirmir. Dostluq öz yerində, iş də öz yerində…
Heydər dilləndi:
– Yaxşı, birtəhər yola verərik. Çayxananda nə istəsən, eləyə bilərsən, göz yumarıq… Ancaq unutma: nümayəndə heyətindən çırpışdırdığın qəniməti o dəqiqə mənə çatdırarsan.
– Oldu…
– Get, Allah sənə yar olsun… Özünü göstər, Ehsan, bütün ümidlər sənədir… Əgər nümayəndə heyəti başçısının cibini “təmizləyə” bilsən, sənə eşq olsun. Get. Uğur olsun!..
Mehmanxanaya getdim və orada gözləməyə başladım.
Axşamüstü gördüm ki, əcnəbilər gəlirlər. Mən cibimdəki şəklə bir də baxdım. Hər şey aydın idi. Nümayəndə heyətinin başçısı arvadı ilə gedirdi. Mən onu yanladım və portmanatının harada olacağını müəyyən etdim. Ehmalca sinəsinə toxundum və onu çıxartdım… Hər şey öz qaydasınca oldu! Demək, peşəmi yadırğamamışdım. Tez oradan uzaqlaşıb özümü xəlvət bir yerə verdim. Orada portmanatı açdım, onun içərisində bir yığın əcnəbi valyutası vardı… Bir Allah şahiddir ki, əlimi uzadıb birini də götürmədim. Bütövlüklə polis idarəsinə apardım…
Qapıdan içəri girən kimi Heydər çığırdı:
– Harada itib-batmısan?
Mən portmanatı ona uzadan kimi marçıltı ilə alnımdan öpdü:
– Əhsən, – dedi, – borcunu çox yaxşı yerinə yetirmisən. Xarici nümayəndə heyətinin başçısı beş dəqiqə qabaq portmanatının oğurlanması barədə xəbər verib. Yaman həyəcanlı idi. Mən ona dedim ki, heç narahat olmayın, sabahdan gec olmayaraq sizin portmanatı taparıq. Bizim polis idarəsi işləməyi bacarır.
Mən Heydərə dedim:
– Vətən qarşısında borcumu yerinə yetirdim, indi isə xudahafiz, sağlıqla qalın.
– Bir dayan görək, – dedi, – bir dəfə azdır, sən bu əcnəbilərin hamısını bir-bir soymalısan.
Mən də çarəsiz qalıb əcnəbiləri bir-birinin dalınca soymağa başladım. Birinin isə bütün ciblərini boşaltdım, nəinki portmanatını, otağının açarını da, cib yaylığını da, alışqanını da, siqaretini də, şalvar cibindəki xırda pulları da, pencəyindəki nişanı da “təmizlədim”. O səfeh isə heç duymadı. Şalvarını da çıxarsaydım, hiss eləməyəcəkdi… Öz-özümə dedim: “Qoy düymələrini də kəsib götürüm”. Elə də elədim. Bir düyməsi də qalmadı. Birbaşa polis idarəsinə yollandım və çırpışdırdığım şeyləri Şirin Heydərin qabağına tökdüm.
– Əhsən, sən çox doğru yoldasan…
– Əzizim, – dedim, – mən bu hərifi mehmanxananın qabağında lümlüt, anadangəlmə qoymaq istəyirdim, ancaq yazığım gəldi…
Müxtəsər, on beş gün ərzində kişilərin ciblərini və qadınların çantalarını “təmizlədim”. Mənə elə gəldi ki, bir cərrah kimi onların ciyərlərini də kəsib çıxarsaydım, rentgen göstərməyincə bundan xəbər tutmayacaqdılar!..
Nümayəndə heyətində bir qadın da vardı. Onun əlindəki çantanı qapdım, içindəki şeyləri gətirib Heydərə verdim. Amma qadın polisə gəlmədi. Onda ingilis dilini babat bilən bir polis nəfəri mehmanxanaya zəng vurub soruşdu:
– Sizin bir şeyinizi oğurlamayıblar ki?
– Heç bir şey oğurlanmayıb, – deyə ona cavab verdilər.
– Hələ bir yaxşı-yaxşı yoxlayın…
Az sonra mehmanxanadan zəng vurdular:
– Bəli, çantam oğurlanıb.
– Çantada bir çəhrayı yaylıq da vardımı?
– Bəli, vardı. Bəs siz bunu haradan bilirsiniz?
– Bizdə polis çox yaxşı işləyir. Biz hər şeyi bilirik.
Ağabəy, bizim polisin işinə bax da… O, soyulacaq adama əvvəlcədən xəbər verir ki, sizi soymağa hazırlaşan oğru tutulmuşdur!
Nümayəndə heyəti yola düşərkən bir jurnalist onlardan soruşubmuş:
– Bizim ölkədə sizin ən çox xoşunuza gələn nə oldu?
Nümayəndə heyətinin başçısı tərbiyəli adam imiş, cavab vermir. Bu zaman başqa bir jurnalist:
– Bizdə polis çox güclüdür… – deyə sualına başlamaq istəyəndə nümayəndə heyətinin başçısı daha səbir edə bilməyib:
– Biz doqquz nəfərik, – deyir. – On beş gün İstanbulda qalduq və hər birimizi doxsan dəfə soydular… Mümkündür ki, polis sizdə güclü olsun, ancaq oğrular polisdən də güclüdürlər…
Bu sözlər çox çəkmədi ki, qəzetlərdə də çap olundu: “Xarici nümayəndə heyətinin başçısı bildirmişdir ki, Türkiyədə oğurluq tərəqqi edir”.
Polislərin buna yaman acığı tutmuşdu… Məni yaxalayıb həbsxanaya saldılar.
– Axı siz özünüz dediniz ki, öz borcunu yerinə yetir, oğurla və talan elə. Mən boyun qaçırdım. Siz məcbur elədiniz. İndi də tutub salmısınız buraya…
Sonra da Şirin Heydəri hədələyib dedim:
– Mən bütün bunları məhkəmədə açıb deyəcəyəm…
– Bunu eləsən, o zaman mən üstü açılmamış bütün oğurluqları sənin üstünə yıxaram. Səni bunları etiraf etməyə və protokola qol çəkməyə məcbur edərik. Basaram, yüz il gedərsən.
Məhkəmədə ağzıma su alıb oturdum. İki il iş kəsdilər.
Qulaq asanlardan biri təsəlli verib dedi:
– İki il nədir ki… Gözünü açıb-yumunca ötüb-keçəcək.
Vazelin Ehsan dedi:
– Orası elədir. Ancaq mən yaşda adama həbsxanada oturmaq yaraşar?.. Yenə yaxşıdır ki, iki illə yaxamı qurtardım. Mən vətən qarşısında öz payıma düşən borcumu yerinə yetirdim… Yaşasın vətən!
Tərcümə edəni: Qılman İlkin
BİR QƏZET NECƏ BAĞLANDI
Bizim ölkədə… (Xeyr, belə başlanğıc olmaz…)
Ölkəmizdə…(Bu da olmadı. Belə başlanan yazıların axırı yaxşı olmaz və müəllifinə uğursuzluq gətirər…)
Bizdə… (Bu "biz…" kəlməsinin yaxasından əl çək, başına söz qəhət olub, nədir? Nə yazmaq fikrindəsənsə, birbaşa mətləb üstünə keç…)
Türkiyədə… (Ay qardaş, ehtiyatlı ol, ehtiyatlı!..)
Bir qəzetçinin xatirəsini yazmağa hazırlaşıram, amma mətləb üstünə heç cür gələ bilmirəm.
Bir zamanlar… (Bax belə!.. Ömrün vəfa etsə, yazmağı öyrənə biləcəksən…) Bəli, bir zaman işlədiyim qəzet bağlanmışdı. (Afərin! "Bağlanmışdı" desən, onun kim tərəfindən bağlandığı bilinməz və bu hadisə "səbəbkarı bilinməyən" hadisələr siyahısına salınar və unudulub gedər.)
Həmin qəzet bir yanlışlıq üzündən bağlanmışdı. Bu isə bizim tariximizdə mühüm yer tutacaq qədər əhəmiyyətlidir. Ona görə bu əhvalatı sizə danışmaq istəyirəm. Cümhuriyyət qurulduqdan sonra[5 - Türkiyədə cümhuriyyət (respublika) 1923-cü ildə qurulmuşdur.] qəzetlərimizdə getmiş və mətbuat tarixinə düşmüş iki mühüm səhvi, yəqin, siz də eşitmisiniz. Səhvlərdən biri budur: qəzetlərin birində birinci səhifədə iki şəkil dərc edilir. Şəklin birində sərgidə mükafatlanan inəklərin, o birində isə Avropa səyahətinə çıxan böyük adamlarımızdan bir qrupunun şəkli varmış. Bunların altındakı yazılar isə tərs gedir. Təyyarə qabağında dayanmış heyətin şəklinin altında belə bir yazı olur: “Sərgidə çox süd verən cins inəklərin sahibləri mükafatlandırılmışdır. Yuxarıdakı şəkildə siz mükafat alan yerli və cins inəklərdən bir neçəsini görürsünüz…”
İnəklərin şəklinin altında isə: “Tədqiqat üçün Avropa səyahətinə çıxan heyətimiz…” sözləri gedir. Qəzetlərimizdə buna oxşar səhvlər tez-tez olsa da, inəklərlə dövlət adamlarının bir-biri ilə dolaşıq salınması hadisəsi bir dəfə baş vermişdi.
Mənim sizə danışacağım əhvalatda isə heç bir inək söhbəti olmayacaq. Qəzetçilik işində buraxdığım ilk xəta o qədər də əhəmiyyətli deyildi. İşə yeni başlamış hər həvəskar gənc kimi mən də: “Hər nə iş olsa, bacararam”, – deyə ortaya atılırdım.
Bir axşam qəzetin hazırda deputat olan redaktoru məni çağırdı:
– Mən bu axşam bir konsertə dəvət edilmişəm, – dedi. – Amma gedə bilməyəcəyəm. Konsert haqda bir məqalə yazmaq lazımdır. “Hər şeyi bacararam” deyib durursan. Konsert haqqında yaxşı bir məqalə yaza bilərsənmi?
Burda yadıma bir şey düşdü: bir dəfə kənddə bir ağa muzdurunu çağırıb: “Bizim uşağa baxa bilərsənmi?” – deyə soruşanda muzdur: “Əlbəttə, lap anasını da ağladaram!” – deyir. Mən də özümü həmin muzdur kimi apardım.
“Do” səsi ilə “Si”ni və musiqi alətlərini bir-birindən ayırd edə bilməsəm də: “Konsert haqda məqalə yazmağa nə var ki…” – deyə fikirləşdim. Mən məqaləni konsertə getdikdən sonra yazacağımı düşünürdüm. Sən demə, məqalə oraya gedilmədən yazılmalı imiş. Çünki mən redaksiyada gecələr işləyirdim və konsert vaxtı iş başında olmalı idim. (Ozamankı qəzetlərdə yazı yazmağı bacaran on beşdən artıq adam olmazdı. İndiki qəzetlərdə isə təkcə idman şöbəsində bu qədər adam çalışır.)
Redaktor proqramı mənə uzatdı və:
– Buna bax və bir şey yazıb ver, – dedi.
İşin təhərindən başa düşdüm ki, konserti, hər halda, tərifləmək lazımdır. Mən proqramı bir neçə dəfə oxudum. Heç bilmədiyim Çin dilindəki bir yazını bu qədər oxusaydım, bir şey əzbərləyə bilərdim. Amma bu proqramdakı yazılardan heç bir şey başa düşə bilmirdim. Ariya[6 - Ariya (ital. – hava) – klassik musiqidə ifaçının orkestrin müşayiəti ilə oxuduğu hissə], tenor[7 - Tenor – latın dilindən tərcümədə tenor “saxlayıram” deməkdir. Yüksək kişi səsidir. Diapazonu birinci oktavanın "do" səsindən ikinci oktavanın "lya" səsinə qədərdir. Bəzən ikinci oktavanın "si" səsinə qədər də ola bilər. İki növü var: lirik və dramatik tenor.], solo, Çaykovski və daha nə bilim nələr.
“Ya Allah, bismillah…” – deyib yazmağa başladım: “Konsert fövqəladə dərəcədə parlaq keçmişdir. Elə parlaq ki, onu dillə tərif etmək mümkün deyil… Belə ilahi bir musiqi olarmı? Pianoda çalan qadın necə xariqələr yaradırdı. Bax pianonu belə çalarlar. Musiqi ruhun qidasıdır, – deyərdilər, mən buna inanmazdım. Amma dünən gecəki konsertdə ruhum qidalananda bu sözün doğruluğuna inandım. Dinləyicilər məst olmuşdular. O nə ariya idi, Allah, mən hələ bu günə qədər belə bir ifa eşitməmişdim… Bravo! Ancaq bircə piano mənə bir az akkordsuz kimi göründü”.
Ozamankı qəzetlərdə xarici hadisələrə indiki qədər yer verilməzdi. Çünki Amerika ilə indiki qədər cici-bacı olmadığımız üçün bu qədər çox xəbər qaynağımız da yox idi. Daxili məsələlərdə də avam camaat ürkməsin deyə qəzetlərdə konsert və məruzələr haqqında xəbərlərə daha çox yer verilərdi. Mənim konsert haqqındakı məqaləmə də qəzetimizdə geniş yer verilmişdi. Bu məqalə mənim qəzetçilik həyatımda ilk “müvəffəqiyyət”im idi. Qəzetimiz həmin konsert haqqında məqalə buraxmaqla eyni zamanda başqa qəzetlərin hamısını geridə qoymuşdu. Başqa qəzetlərin birinci səhifəsində həmin konsertin təxirə salınması haqda qısaca bir xəbər dərc edilmişdi. Mən isə baş tutmamış bir konsert haqqında rəy yazan ilk müxbir olmuşdum.
Həmin qəzetdəki daha bir parlaq “qələbə” sayəsində mən işsiz qaldım. Bu əhvalat isə belə baş vermişdi: əcnəbi ölkənin nümayəndə heyəti təyyarə ilə İstanbula gələcəkdi. Qəzetimizin redaktoru mənə adamları təyyarə meydanında qarşılayıb onlardan müsahibə almaq tapşırığını vermişdi. Üstəlik də:
– Bax keçən səfərki kimi olmasın, – demişdi. – Adamların söyləmədikləri sözləri yazdın, biabır olduq.
Keçən səfərki biabırçılığın günahı məndə deyildi. Çünki onda ölkəmizə gələn beş nəfər əcnəbinin heç biri türkcə bilmirdi. Ona görə mən də onların dilindən bəzi sözləri uydurmuşdum. (Ozamankı qəzetlərdə "uiy"[8 - Uiy ( fransızca əsli – oui) – bəli] deyən fransızca, "yes" deyən ingiliscə bilən hesab edilərdi!) Mən o beşnəfərlik qonaqlardan guya: “Ölkəmiz xoşunuza gəldimi?” – deyə soruşmuşdum. Onlar da mənə guya cavab vermişdilər ki: “Ölkəniz çox inkişaf etmişdir. Daha öncəki səfərimizdə bu yeniliklər yox idi. Bu qədər qısa bir vaxt ərzində belə böyük müvəffəqiyyətinizi görəndə heyran olduq. Möcüzə yaratmısınız”.
Bu yazıda mən bircə səhv buraxmışdım. Sən demə, onlar ölkəmizə birinci dəfə gəliblərmiş.
Sonra mən həmin heyətdən guya: “Ölkəmizdə nələri bəyəndiniz?” – deyə soruşmuşam. Onlar da mənə: “Doğramacınızı, basdırma yumurtanızı, sucuğunuzu, bir də ən çox turşu-xiyarınızı xoşladıq… Qadınlarınız da çox modern olublar”, – deyiblərmiş.
Mən bu sözləri heç də özümdən uydurmamışdım. Qəzetlərin köhnə nömrələrini vərəqləmiş, xarici qonaqlara necə suallar verildiyini, onlardan necə cavablar alındığını tapıb olduğu kimi köçürüb yazmışdım.
– Tez get, – redaktor dedi. – Təyyarə indi gəlib çıxacaq.
– Bəs yolpulu?
– Sabah idarədən alarsan.
Mən oradan birbaşa Babialidəki[9 - Babiali – İstanbulda qəzet, jurnal redaksiyaları və eləcə də nəşriyyatların çoxunun olduğu bir küçənin adı] “Balkan” kababxanasına gedib qarnımı yaxşıca doydurdum. Yediyim xörəyin kalorisi ilə zehnim yaxşıca aydınlaşan kimi kitabxanaya getdim və orada oturduğum yerdə təyyarə ilə gələcək heyətdən yaxşı bir reportaj “aldım”, yəni bu dəfə də özümdən uydurdum. Bu o qədər gözəl çıxdı ki, qəzetdəkilər onu dərhal bəyəndilər.
Ertəsi gün başqa qəzetlərdə həmin heyətin mindiyi təyyarənin İstanbula çatmadan qəzaya uğraması xəbəri verildisə də, bu mənim yazımın dəyərini heç də azaltmadı. Görmədiyim adamlardan müsahibə ala bilmək bacarığıma paxıllıq etdikləri üçün məni işdən qovdular. Axşam qəzetlərindən birinin sahibi bu əhvalatı eşidəndə: “Görmədiyi adamlardan müsahibə alan belə bacarıqlı müxbirin işsiz qalması yaxşı deyil, – demişdi. – Gəlsin bizim qəzetdə işləsin…”
(Mən bu gün də təyyarələri qəzaya uğrayıb şəhərimizə gələ bilməyən qonaqlardan müsahibə alan gənc müxbirlərin müvəffəqiyyətlərini gördükdə bu cığırı açan ilk adam kimi fəxr edirəm.)
Beləliklə, mən axşam qəzetində işləməyə başladım. Bu qəzetin redaksiyasında dörd əməkdaşı vardı. Şəhərdə bizim qəzetin rəqibi olan bir axşam qəzeti də vardı. Bir gün qəzetin sahibi bizi toplayıb:
– Qəzetimizin vəziyyəti yaxşı deyil, – dedi (qəzet az satılanda o, “qəzetimiz”, çox satılanda isə “qəzetim” deyərdi). – Bir çarə düşünməliyik.
Belə bir çarəni tapmaq bacarığı mənə Allah vergisi kimi verilmişdi. Mən dərhal:
– O biri qəzet saat beşdə çıxır, – dedim. – Bizimki altıda çıxarsa, ondan daha çox satarıq.
Mənim bu təklifimin nə demək olduğunu başa düşməyən yoldaşlarım “Tez çıxan qəzet xəbərləri daha tez verəcəyi üçün o daha çox satılar” deyə etiraz etdilərsə də, qəzet sahibi: “Sənin dediyini təcrübədən keçirək”, – dedi.
Beləliklə, rəqib qəzetdəki bütün xəbərləri götürür və bir az da ora-burasını dəyişdirib öz qəzetimizdə verirdik. Beləliklə, onların on beş əməkdaşının gördüyü işi biz dörd nəfər daha yaxşı bacarırdıq.
Bir gün həmin rəqib qəzetdə belə bir xəbər dərc edilmişdi:
“Artin Yaşabasmazyan adlı bir vətəndaşımız evin üstündə asılmış bayrağın dirəyin ucuna ilişdiyini görüb onu açmaq və dalğalanmasına imkan yaratmaq üçün oraya dırmaşarkən şalvarının arxası şiş dəmirə ilişmişdir. Dirək zavallı adamın ağırlığına davam gətirməyib sınmış, bədbəxt vətəndaşımız da evin beşinci mərtəbəsindən səkinin daşları üstünə düşərək ölmüşdür. Artin Yaşabasmazyanın cəsədi isə onunla birlikdə yerə düşən bayrağımızla örtülmüşdür”.
Bu xəbərdə qəzanın baş verdiyi evin ünvanı da göstərilirdi. Mən xəbəri dərhal kəsdim, ora-burasını da dəyişib “Zavallı Artin bayrağın dalğalanması uğrunda şəhid oldu” kimi böyük bir başlıqla qəzetimizdə verdim.
“Müsəlman olmayan adamların ölümünə şəhid demək olmaz” deyə mübahisə başlayarkən dedi-qoduların qabağını almaq üçün qəzetimizdə Artinin sünnət edilmiş olması haqda bir xəbər də dərc etdik. Bütün bu xidmətlərimin müqabilində bilirsiniz nə oldu? Məni qəzetdən qovdular. Çünki ertəsi gün çıxan rəqib qəzetdə yazılmışdı: “Qəzetimizlə rəqabət iddiasında olan … adlı üzdəniraq qəzet verdiyimiz bütün xəbərləri kəsib öz səhifələrinə köçürməklə məşğul idi. Dünənki nömrəmizdə bu oğrulara gözəl bir dərs verdik. Artin Yaşabasmazyan adlı bir şəxsin yıxılıb ölməsini yazdıq. Bizimlə rəqabət aparmaq iddiasında olan o həyasız kağız parçası bu uydurma xəbərimizi oğurlayıb eynən dərc etdi. Halbuki nə belə bir adda adam vardı, nə də belə bir hadisə baş vermişdi…”
Bu hadisə qəzetçilik işindəki şöhrətimi daha da artırdığı üçün az sonra böyük qəzetlərdən birində işə qəbul edildim. Mən orada da özümü göstərmək üçün fürsət axtarırdım.
Aradan illər keçdiyi üçün bu qəzetdə baş vermiş bir hadisəni böyük günah işləmiş kimi sizə danışmaq istəyirəm. Çünki bu qəzetin mənim bir yazıma görə bağlandığını bu günə qədər hələ heç kəs bilmir.
Bu hadisə belə oldu. Gözlədiyim fürsət bir gün gəlib çıxdı. Qəzetin sahibi məni çağırıb:
– Daxili işlər naziri qatarla İstanbula gəlir, – dedi. – Başqa qəzetlərin bundan xəbəri yoxdur. Dərhal Heydərpaşaya[10 - Heydərpaşa – İstanbulun Asiya hissəsində dəmir yolu vağzalı] get və nazirdən xüsusi bir müsahibə al!
O biri qəzetlərin müxbirlərindən qabağa düşə bilmək həyəcanı ilə Heydərpaşa vağzalına gəldiyim zaman başqa qəzetçiləri də orada naziri gözləyən gördüm. Qatar saat yarım sonra gələcəkdi. Tez bir taksiyə atılıb öncəki stansiyaya getdim. Mən naziri orada qarşılayacaq və Heydərpaşaya qədər onunla söhbət edəcəkdim. Qatar gəldi, nazir qatardan düşdü və onu qarşılayanlarla birlikdə maşına mindi. Mən onun yanına soxulub qəzet sahibinin ehtiramını ona yetirdim. Mənim bu hərəkətimi görən nazir:
– Buyurun, siz də bizimlə gəlin! – dedi.
Keçib sürücünün yanında oturdum və nazirdən qəzetimiz üçün məxsusi bir müsahibə verməsini xahiş etdim. Qoy o biri müxbirlər onu Heydərpaşada gözləməklə vaxt itirsinlər. Mən hamısını qabaqlayacaqdım. Nazir bütün daxili işlər nazirlərinin dediklərini eynən təkrar etdi: “Ölkə əhalisinin sayına görə polislərin sayı azdır. Vətəndaşlar polisə kömək etməlidirlər. Bunu vətəndaşlardan şəxsən xahiş edirəm. Polis sıraları genişləndiriləcək. Xüsusi polis dəstələri yaradılacaq. Polis idarələrində vətəndaşlar daha döyülmür və bundan sonra da döyülməyəcək… Ölkənin heç bir yerində asayiş pozulmur. Polislər üçün daha yaxşı maddi imkanlar yaradılacaq. Polislərə təzə, modern geyim veriləcək”.
Sözün qısası, indiyə qədər bütün daxili işlər nazirlərindən eşidə-eşidə əzbər bildiyimiz sözləri indi də ondan eşitməli oldum.
Ertəsi gün onun müsahibə təkcə bizim qəzetdə çıxmışdı. Beləliklə, bütün rəqiblərimiz əliboş qalmışdı. Amma bununla birlikdə, elə o günü bizim qəzet bağlandı. Onun nədən, nə üçün bağlandığını bu günə qədər hələ heç kəs bilmir. Bu gün onu gələcəkdə mətbuat tarixi üçün xeyri olar deyə açıb deyirəm.
Daxili işlər nazirinin müsahibəsi dərc edilən günü qəzetimizdə bir cinayət xəbəri də buraxılmışdı. Bundan başqa, qəzetimiz yaxşı satılsın deyə o günü bir pornoqrafik xarici romandan hissə də verilmişdi. Qəzetdə bu üç yazı, yəni nazirin müsahibəsi, cinayət haqqında xəbər, bir də o pornoqrafik romanın hissəsi bir məqalə içində bir-birinə qarışmışdı. Sanki birisi bunları bilə-bilə belə etmişdi. Mən o gündən bəri saxladığım həmin qəzetdəki yazını aşağıda eynən verirəm:
“Möhtərəm daxili işlər nazirinin qəzetimiz üçün xüsusi müsahibəsi!
Şakir adı ilə tanınmış, qatı cinayətkarlardan olan möhtərəm daxili işlər naziri təhqiqat aparmaq üçün dünən qatarla şəhərimizə təşrif gətirmişdir. Dünən baş verən bu dəhşətli cinayətdən sonra daxili işlər naziri qəzetimiz üçün məxsusi bir müsahibə verərək demişdir:
“Məşuqəm kök Məlahətin başqaları ilə də cinsi əlaqədə olduğunu mənə söylədilər. Çoxdan bəri idi ki, onu izləyirdim”.
Ölkəmizin hər yerində asayişin hökm sürdüyünü deyən möhtərəm daxili işlər nazirimizin bu qorxunc cinayəti keçirdiyi bir böhran nəticəsində işlədiyi məlum olmuşdur. Öldürdüyü qadınla altı aydan bəri əlaqədə olub, hadisə gecəsi qəfildən evə gələrkən qapının arxasından Janetin iniltisini duymuşdur. Açar deşiyindən baxarkən çılpaq olan Janetin “Frank, əziz Frank, sən mənim rastlaşdığım ilk kişisən” deyə şəhvətlə inildədiyini gözləri ilə görmüşdür. Birdən-birə ağlını itirərək müxbirimizə “Vətəndaşlardan polisə kömək etmələrini xahiş edirəm” demişdir.
“Hərəkətlərindən şübhələndiyim Məlahəti üç aydan bəri təqib edirdim. Dünən gecə içdikdən sonra evə gəldiyim zaman apardığım təftişdə bəzi polislərin saqqal buraxdıqlarını və uzun bığ saxladıqlarını gördüm. Təhlükəsizlik təşkilatına bundan sonra belə polislərin bığlarını qırxdırmaları haqda sərəncam verilməsindən dəhşətə gələn Moris nişanlısı Janeti əmisi Frankın qolları arasında görəndə ondan iyrəndi. Frankın qıllı döşü üstündə qıvrılan Janetə “Polislərimizin həyat şəraitini düzəltmək üçün əlimizdən gələni edirik” demişdir.
Müxbirimizin polislərin uniformaları haqqında bir sualına da “Qızın alt paltarları yerdə idi. Frank Janeti itələyərək “Polislərə daha modern bir geyim veriləcəkdir” demişdir. Cinayətdən sonra qatil olan daxili işlər nazirimiz: “Masanın üstündəki çörək bıçağını qapdım, ondan sonrasını daha yadıma sala bilmirəm”, – deyə fikirlərini bölüşmüşdür”.
Qəzetimizin bu qarma-qarışıq düşmüş yazıya görə bağlandığını heç kəs bilmir. Çünki qəzeti əlaqədar təşkilatlardan başqa heç kəs, hətta onun sahibi də oxumazdı. Onlar elə güman edirdilər ki, qəzetin nəşri birinci səhifədəki baş məqalədə hökumət çox ciddi tənqid edildiyi üçün dayandırılıb.
Tərcümə edəni: Yusif Şirvan
ADAMI ZORLA DƏLİ EDƏRLƏR
Eynəkli adam:
– Yoldaşlar, – dedi, – bu elə işdir ki, dərhal qərara gəlmək olmaz. Yaxşıca düşünüb-daşınmaq lazımdır.
Orada olanların ən cavanı:
– Bəli, – deyə eynəkli adamın sözünə qüvvət verdi. – Biz çox yaxşı fikirləşməliyik. Elə olmasın ki, öz əlimizlə öz başımıza əngəl açaq.
Çillisifət birisi:
– Əvvəla, – dedi, – gəlin bunu birdəfəlik həll edək, görək biz indikindən razıyıqmı?
Hamı birdən bağırdı:
– Razı deyilik!!!
Çillisifət soruşdu:
– Nə üçün razı deyilik?
Eynəkli:
– Qardaşım, axı o dəlidir, – dedi.
O biriləri də:
– Bəli, bəli, dəlidir. Lap zırramasındandır, – deyə təkrar etdilər.
Çillisifət:
– Məsələ də elə burasındadır. Biz yeni seçkilərdə daha ağıllısını seçməliyik.
Kök bir kişi:
– Bundan əvvəlki də dəli idi, – dedi.
– Ondan əvvəlki də…
– Ondan qabaqkı da dəli idi.
– Mən biləni, bu vəzifədə işləyən adamların hamısı dəlilər olub.
Gənc adam:
– Elə isə bu dəfə ağlımızı başımıza yığaq, – dedi, – bir ağıllısını tapıb seçək.
Eynəkli adam:
– Biz bunları dəli bilib seçmirdik ki, – deyə cavab verdi. – Ən ağıllısını, təvazökarını seçirik. Ağıllı kimi tanıdığımız adam sonra dəli çıxır.
Tez-tez öskürən, zəif, arıq bir qoca dedi:
– Allah… bu necə sirdir, bilmirəm, bu vəzifəyə hər kim gəlirsə, əlüstü ağlını itirir…
Kök kişi etiraz etdi:
– Bu vəzifəyə gələnlər yox, bu vəzifəyə gətirdiklərimiz…
Gənc cavab verdi:
– Vəzifənin nə günahı var? Mən əminəm ki, bunlar hamısı bu vəzifəyə gəlməmişdən əvvəl də ağıllı deyillərmiş. Sadəcə, əvvəllər dəlilik etməyə fürsət tapmırlarmış. Biz onları rəhbər edəndən sonra fürsətdən istifadə edib dəliliyə başlayırlar.
Çillisifət dedi:
– Canım, nə deyirsinizsə deyin, bu adamla təxminən otuz ildir dost olmuşam. Vallah, biz bunu bələdiyyə rəhbəri etməmişdən əvvəl o, ağıllı-başlı adam idi.
– Ola bilər. Dəlilərin hamısı anadangəlmə dəli olmur ki… Deməli, onlar dəlilik etmək üçün rəhbər seçilmələrini gözləyirlərmiş.
Eynəkli dedi:
– Boşlayın bu söhbəti. Olan olub, keçən keçib. Deyin görək, bu dəfə kimi bələdiyyə rəhbəri edəcəyik?
Hərə bir ad çəkdi. Lakin bütün adları çəkilən namizədlər etirazla qarşılandı. Yüzdən çox ad sadaladılar, ancaq heç birini bəyənmədilər. Birdən eynəkli adam qışqırdı:
– Tapmışam! Gör necə ağlıma gəldi. Rasim bəy haqqında nə deyə bilərsiniz?
– Allaha and olsun ki, namuslu adamdır…
– Həm namusludur, həm tərbiyəlidir, həm də təvazökar…
– Özgə malında gözü yoxdur. Özü də çox xeyirxah adamdır.
– Alim adamdır. Gözütox, sözündə durandır…
– Çalışqandır, təcrübəlidir…
Onlar Rasim bəyi tərifləməkdən doymurdular. Ancaq kök adam bildirdi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/aziz-nesin/hekay-l-r-68289331/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
“Qalatasaray” futbol klubu – adı İstanbulun məşhur məhəlləsindən götürülmüş və 1905-ci ildə Ali Sami Yen tərəfindən yaradılmış futbol klubu
2
“Ümumi ev” – priton; Türkiyədə və başqa inkişaf etmiş ölkələrdə əxlaqsız qadınların pul müqabilində seksual xidmətlər göstərdiyi və polis nəzarətində olan, sakinləri daimi tibbi müayinədən keçirilən evlər.
3
Abla – ailədə böyük bacı; ümumiyyətlə, yaşca böyük olan kənar xanımlara da hörmət əlaməti olaraq deyilir.
4
Ağabəy (qısa şəkildə – abi) – böyük qardaş, dadaş deməkdir. Türkiyədə özündən yaşlı adamlara müraciətdə də işlədilir.
5
Türkiyədə cümhuriyyət (respublika) 1923-cü ildə qurulmuşdur.
6
Ariya (ital. – hava) – klassik musiqidə ifaçının orkestrin müşayiəti ilə oxuduğu hissə
7
Tenor – latın dilindən tərcümədə tenor “saxlayıram” deməkdir. Yüksək kişi səsidir. Diapazonu birinci oktavanın "do" səsindən ikinci oktavanın "lya" səsinə qədərdir. Bəzən ikinci oktavanın "si" səsinə qədər də ola bilər. İki növü var: lirik və dramatik tenor.
8
Uiy ( fransızca əsli – oui) – bəli
9
Babiali – İstanbulda qəzet, jurnal redaksiyaları və eləcə də nəşriyyatların çoxunun olduğu bir küçənin adı
10
Heydərpaşa – İstanbulun Asiya hissəsində dəmir yolu vağzalı