Hekayələr

Hekayələr
Herbert Uells
Hekayə ustaları
Bu kitaba elmi-fantastik janrın ustalarından biri Herbert Corc Uellsin yuxu ilə həyat arasındakı incə keçid zamanı yaranan qarabasmalar, onların psixoloji fəsadları və elmi izahları barədə bənzərsiz hekayələri toplanıb.

Herbert Uells
Seçmə hekayələr

PƏRİLƏR ÖLKƏSİNDƏ
– Bax bu dükanda Pərilər ölkəsində olmuş bir oğlan işləyir, – həkim dedi.
– Cəfəngiyatdır, – deyə cavab verib dükana göz gəzdirdim.
Bu adi kənd dükanı eyni zamanda poçt idarəsi kimi də fəaliyyət göstərirdi. Damının altından teleqraf xətləri uzanıb gedirdi. Qapısının ağzına fırçalar, sinklənmiş vedrələr, pəncərəsinə çəkmələr, köynəklər, konserv qutuları düzülmüşdü.
Azacıq sükutdan sonra soruşdum:
– Bu nə əhvalatdır belə?
– Nə bilim, – həkim cavab verdi, – adi kənd şayiəsidir də… Oğlanın adı Skelmersdeyldir. Amma kənd camaatı inanır ki, deyilənlər həqiqətdir.
Bir müddət keçmiş yenidən bu söhbətə qayıtdım.
– Axı bu barədə dəqiq bir şey bilmirəm… Düzü, heç bilmək də istəmirəm, – həkim dedi. – Bir dəfə onun sınmış barmağına sarğı qoyurdum: kriket oyununda sındırmışdı – subay oğlanlar evlilərə qarşı oynayırdılar. İlk dəfə onda bu söhbəti eşitdim, vəssalam! Özünüz görürsünüz də kimlərlə işləməli oluram. İndi gəl bu cür mövhumatçı adamlara müasir sanitariyanın prinsiplərini öyrət!
– Eh, nə deyəsən… – deyə onun halına acıdım. O isə Bounamda kanalizasiyanı necə təmir etdikləri barədə danışmağa başladı. Nə vaxtdır fikir verirəm ki, bizim səhiyyə işçilərini daha çox belə məsələlər maraqlandırır. Yenə də ona ürəyim yandığından təskinlik verməyə başladım, amma faydası olmadı. Hətta Bounam sakinlərini “eşşək” adlandıranda belə ona dəstək olmaq üçün ordakıların “nadir eşşəklərdən” olduğunu desəm də, bu, həmsöhbətimi ovutmadı.
Bu söhbətdən bir müddət sonra, yayın ortasında “Ruhun patologiyası” adlı traktatımı başa çatdırdım. (Məncə, onu yazmaq, oxumaqdan daha çətin idi.) İçimdə baş qaldırmış xəlvət bir guşəyə çəkilmək istəyi məni Biqnor kəndinə apardı. Bir fermerin evində yerləşdim və tezliklə tütün axtara-axtara yolumu yenidən bu dükana salası oldum. Dərhal yadıma “Skelmersdeyl” – satıcının adı düşdü.
Satıcının boyu çox hündür olmasa da, qamətli, qırmızıyanaq, mavigözlü, sarışın bir oğlan idi; xırda dişləri elə bil inci kimi sapa düzülmüşdü. Amma hərəkətlərində astagəl idi. Oğlanda elə bir xüsusi hal hiss olunmurdu, yalnız üzünün qəmli ifadəsi vardı. Pencək geyməmişdi, taxdığı önlüyü burulmuşdu; balaca qulağının ardına karandaş keçirmişdi. Qara jileti boyu saatının qızıl zənciri asılmışdı: üzərində tən ortadan əyilmiş gineya[1 - Gineya (ing. guinea) – Böyük Britaniyada qızıl sikkə; 1663-cü ildə dövriyyəyə buraxılıb. XIX əsrdə tədavüldən çıxarılıb. Bir gineya 21 şillinqə (sikkə) bərabər olub.] sallanırdı.
– Başqa heç nə lazım deyil ki, cənab? – o, qəbzin üzərinə əyilərək məndən soruşdu.
– Siz cənab Skelmersdeylsiniz? – deyə soruşdum.
– Bəli, özüdür ki var, – başını qaldırmadan cavab verdi.
– Düzdür ki, siz Pərilər ölkəsində olmusunuz?
O, başını qaldırıb mənə baxdı; qaşları çatılmış, sifəti acıqlı görkəm almışdı.
– Bunun sizə dəxli yoxdur! – deyərək qəzəblə düz gözümün içinə baxdı, sonra yenidən hesabla məşğul oldu.
– Dörd… altı şillinq yarım edir, – bir qədər dayanıb əlavə etdi, – təşəkkür edirəm, cənab.
Bax mənim cənab Skelmersdeyllə tanışlığım beləcə xoşagəlməz halda baş verdi. Amma sonralar xeyli səy göstərərək onun etibarını qazanmağa müyəssər oldum.
Növbəti dəfə onunla kənd yeməkxanasında rastlaşdım. Bura axşamlar, şam yeməyindən sonra bilyard oynamağa gəlir, gündüzlər işimlə əlaqədar uzaq gəzdiyim tanışlarla ordan-burdan söhbət edirdim. Min cür dil töküb onu bizə qoşulub bir partiya bilyard oynaması üçün yola gətirdim. Sonra da söhbət etmək üçün bir kənara çəkdim. Yaxşı anlayırdım ki, belə məqamda Pərilər ölkəsi barədə sorğu-sual etmək yerinə düşməz. Başqa hər cür mövzuda isə o, hamı kimi həvəs və xatircəmliklə fikir yürüdürdü. Ancaq elə ki söz bir balaca pərilərdən düşdü, dərhal qaşqabağı yer süpürürdü: bu, qadağan olunmuş mövzu idi. Bir dəfə, bilyard oynayanlardan birinin onun məlum macərasına eyham vurduğuna şahid oldum. Bu adam ona oyunda uduzmuş muzdur – küt kənd uşağı idi. Skelmersdeyl ardıcıl bir neçə duplet etdi ki, bu da biqnorlular üçün qeyri-adi bir hal idi.
– Ey, sən! – rəqibi donquldandı. – Bütün bunlar sənin pərilərinin hoqqalarıdır ha, sənə dəm tuturlar!
Skelmersdeyl ona tərs-tərs baxdı; kiyi[2 - Kiy – bilyard şarlarını vurmaq üçün çubuq] stolun üstünə tullayaraq çıxıb getdi.
– Sən ona niyə ilişirsən? – oyunu maraqla izləyən hörmətli qocalardan biri davakarı qınadı. Onun bu sözü ilə hər tərəfdən qınaqlar eşidilməyə başlayınca hazırcavab muzdurun üzündən təkəbbürlü gülüşü silindi.
Belə bir imkanı əldən vermək olardımı?
– Pərilər ölkəsi ilə bağlı bu nə zarafatdır belə? – deyə ordakılardan soruşdum.
– Zarafat-filan deyil. Cənab Skelmersdeylin zarafatlıq halı yoxdur, – bayaqkı qoca stəkanını başına çəkib dedi.
Bəstəboy, qırmızısifət bir kişi danışmağa daha meyilli çıxdı.
– Bilirsiniz, cənab, boş yerə danışmırlar ki, pərilər onu Oldinqton təpəsinin ətəyində oğurlayıb öz ölkələrinə aparıblar və üç həftə dalbadal orda saxlayıblar.
Elə bil içəridə toplaşanlar onun sözünə bənd imişlər, nə bilirlərsə ortaya tökdülər. Kütlə belədir də… qoyunun biri irəli addım atan kimi bütün sürü onun ardınca gələcək! Qısa müddətdə Skelmersdeylin başına gələnləri ümumi şəkildə də olsa öyrənə bildim. Deyilənə görə, Biqnora gəlməzdən qabaq o, Oldinqton-Kornerdə indikinə bənzər bir dükanda işləyirmiş. Elə hadisə də o ərazidə baş verib. Belə ki, bir gecə oğlan təpəni gəzmək adı ilə getmiş, düz üç həftə ortalıqdan yoxa çıxmışdı. Geri qayıdanda isə üst-başı elə təmiz imiş ki, elə bil ayağını evdən indicə çölə basmışdı. Ancaq cibləri toz və kül ilə dolu imiş. Elə qaşqabaqlı, dilxor halda imiş ki, uzun müddət özünə gələ bilməyibmiş. Harada itib-batdığını da əvvəlcə heç cür ondan öyrənmək mümkün olmayıbmış. Klepton-hildən olan nişanlısı da çox cəhd edib ki, ondan söz çəksin, amma o, inadla susurmuş. Elə bircə bunu deyirmiş ki, “fikrimi dağıtmaq üçün gəzməyə çıxmışdım”. Bu səbəbdən də qız nişanı qaytarmışdı. Amma bir gün necə olubsa, o, kiməsə ağzından söz qaçırıb ki, bəs Pərilər ölkəsində olub və yenidən oraya qayıtmaq istəyir. Elə günü səhər bütün kənd bu barədə öyrənəndə zavallını məsxərəyə qoymağa başlayıblar. Söz-söhbətin əlindən işlədiyi dükanla haqq-hesabı çürüdərək baş götürüb Biqnora qaçıb. Amma bununla belə, Pərilər ölkəsində onun başına nə gəldiyini heç kim bilməyib.
Yeməkxanadakılar kim necə gəldi uydurub tökürdü, elə bil çobanı olmayan sürüdü, pərən-pərən olmuşdu. Biri belə deyirdi, o biri elə; bunun dediyini başqası qəbul etmirdi. Üstəlik, öz dediklərinə özləri də şübhə və tənqidlə yanaşırdılar. Amma hiss olunurdu ki, hər cür boş dedi-qoduya inanmağa meyillidirlər. İşi belə görüb ağlabatan bir sualla söhbətə müdaxilə etməyi lazım bildim.
– Madam ki Pərilər ölkəsinin yerini bilirsiniz, deyirsiniz ki, Oldinqton təpəsinin ətəyində yerləşir, onda niyə gedib oranı üzə çıxarmırsınız?
– Elə mən də onu deyirəm də… – gənc muzdur sözümü havada qapdı.
– Elə bilirsən araşdırmamışıq? Dəfələrlə qazmışıq, – qoca dilxor halda dilləndi, – amma bir şey tapa bilməmişik.
Bu adamların qeyri-müəyyən də olsa yekdil fikirləri mənə də təsir elədi. Anladım ki, burada nəsə bir sirr var və bu mənim marağımı daha da alovlandırırdı. Əslində, nələr baş verdiyini bilməkdən ötrü ürəyim atlanırdı. Amma bütün bunların haqqında yalnız bir nəfər danışa bilərdi, o da Skelmersdeylin özü idi. Ona görə də zəhmətli bir vəzifəyə qatlanmalı oldum: Skelmersdeyldə yaratdığım ilk xoşagəlməz təəssüratı silib etibarını elə qazanmalıydım ki, o özü çəkinmədən baş verənlər haqqında mənə danışsın. Burda, əlbəttə ki, mənim adi bir kəndli olmamağım da öz rolunu oynadı. Təbiətcə ünsiyyətcil, şirindil adamam, çox məşğul adam deyiləm, adətən, qolf şalvarında və gödəkcədə gəzirəm. Biqnor camaatı məni rəssam hesab eləmişdi. Buralarda qəribə də olsa, rəssam baqqal-dükan satıcısından daha hörmətli sayılır. Skelmersdeyl də burdakıların əksəriyyəti kimi tez özündən çıxan adam idi. Onu əsəbiləşdirdiyim üçün mənə çımxırmışdı, amma əminəm ki, sonra bundan peşman olub. Hiss edirdim ki, mənimlə küçədə, hər kəsin gözünün önündə gəzintiyə çıxmaq ona böyük zövq verirdi.
Nəhayət, gün gəldi ki, o mənə qonaq gəlib bir qədəh viski içməyə və siqar çəkməyə razılıq verdi. Təxmin etdim ki, bu cür vəziyyətdə könül yarası mütləq özünü büruzə verəcək. Yaxşı bilirdim ki, birinin səmimiyyəti qarşısındakının səmimiyyətinə də yol açar, ona görə də öz həyatımdakı maraqlı, mənə dərs olmuş hadisələrdən – uydurma və ya həqiqət fərq eləmirdi – ona nəql etməyə başladım. Yanılmıramsa, mənim evimə üçüncü dəfə gəlişində iki-üç qədəh viskidən, gəncliyimdə yaşadığım ötəri bir məhəbbətlə bağlı uydurduğum həssas təfərrüatlardan sonra aradakı buz əridi – mənim söhbətimin təsiri altında cənab Skelmersdeyl, nəhayət, ürəyini açdı.
– Mənimlə də Oldinqton təpəsində belə oldu, – o dedi. – Bu lap qəribədir: əvvəlcə qız mənə görə əzab çəkirdi, sonra əksinə oldu – mən onun dərdindən ağlımı itirdim, təəssüf ki, bunu çox gec anladım.
Onu sorğu-suala tutmaqdan özümü güclə saxladım, duyuq düşməsindən ehtiyat edirdim. Amma bir neçə eyhamdan sonra özü hər şeyi açıb tökdü. Demə, Pərilər ölkəsində yaşadığı macəra ilə bağlı uzun müddətdir qəlbində saxladıqlarını danışmaqdan ötrü özünün ürəyi gedirmiş. Gördüyünüz kimi, hiyləm baş tutdu: səmimi, açıq söhbət öz işini gördü. Oğlan mənim də digərləri kimi ona inanmayıb ələ salacağımdan artıq ehtiyat etmirdi. O məni özünə həmdəm, sirdaş görürdü, onun da başının eşq bəlası çəkdiyini, çox əziyyətlər yaşadığını və özü ilə bacara bilmədiyini göstərmək arzusu ilə yanıb-yaxılırdı.
Əvvəlcə məlum hadisələrlə bağlı ordan-burdan söhbət açdı, onu daha ətraflı danışmağa, əsas məqama gəlməyə, sözünün canını deməyə təhrik etmək istəyirdim. Amma tez fikrimdən daşındım ki, qoy özü danışsın, yoxsa indiyədək olan bütün səylərim hədər gedərdi. Yalnız növbəti görüşdə, artıq onun etibarını tam qazananda hadisəni bütün təfsilatı ilə öyrənməyə nail oldum. Ümumiyyətlə götürəndə cənab Skelmersdeyl pis nağılçı idi, hadisələri dəqiq təsvir edə bilmirdi. Nə isə… hadisənin özünə keçim, hər halda, mən çalışacağam ki, hər şeyi ardıcıllığı ilə verəm. Onu da əlavə edim ki, onun dedikləri həqiqətənmi baş vermişdi, yoxsa yuxu, təxəyyül oyunu və yaxud qəribə qarabasma idimi, buna hökm vermək niyyətində deyiləm. Amma bir an belə onun yalan danışdığı fikrini yaxına buraxmadım. Bu adam qəlbən inanırdı ki, bütün bunlar, həqiqətən də, onun dediyi kimi baş verib: bu cür dar təfəkkürlü adam, sadə bir kəndli qətiyyən belə ardıcıllıqla nağıl uydura bilməzdi. Hər halda, ona inanan kənd camaatı da nə qədər cahil olsa belə, aralarında bəsirətli, gözüaçıq adamlar da az deyildi. O inanırdı və indiyə kimi heç kəs də bu inama şəkk gətirə bilməmişdi. O ki qaldı mənə, indi danışacağım əhvalatı isbat etmək üçün əlavə sözə ehtiyac görmürəm. Mən o yaşda deyiləm ki, sözümü isbatlamaq, başqalarını inandırmaq üçün dəridən-qabıqdan çıxım.
Beləliklə, onun sözlərinə görə, bir gecə, saat on radələrində Oldinqton təpəsində gəzişərkən yorulduğundan uzanıb yuxuya gedib. Təxminən İohann gecəsi[3 - İohann gecəsi (İohann islam dinində Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbərdir. Xristianlığa görə, İsa peyğəmbərin sələfi olub. İnsanları günahlardan təmizləmək üçün müqəddəs suya salırmış. İsa Məsihi də müqəddəs İordan çayına məhz o salıbmış) – Şərqi Avropa ölkələrində, xüsusən slavyan xalqlarında (hazırda digər Avropa xalqları da hörmət əlaməti olaraq qeyd edir) bayramdır. Yay mövsümündə keçirilir.], ya da ərəfəsi – dəqiq xatırlamırdı – imiş. Küləksiz, xoş hava varmış, aylı gecə imiş.
Yeri gəlmişkən qeyd edim ki, cənab Skelmersdeylin əhvalatını dinləyəndən sonra tənbəllik etməyib üç dəfə həmin təpəyə dırmaşmışam. Onlardan biri yay gecəsində olmuşdu: ay təzəcə qalxmışdı, güman ki, hadisənin baş verdiyi gecədə də belə imiş. Yupiter planeti öz şahanə əzəməti ilə doğmuş ayın üzərindən bərq vururdu. Şimal və şimal-qərb tərəfdə isə qürub səmasının tünd-göy qaranlığı parlayırdı. Çılpaq və tutqun təpənin cizgiləri uzaqdan səmanın fonunda qələmlə çəkilmiş kimi aydın görünürdü. Yaşıllığı az olan təpədə seyrək də olsa kol-kos gözə dəyirdi və mən yuxarı dırmaşdıqca qaranlıqda kölgə kimi sayrışan saysız-hesabsız dovşan bu kolluqlardan sıçrayaraq tələsik baş alıb qaçırdı. Təpənin lap başında, açıqlıqda ağcaqanad dəstəsinin zəif uğultusu eşidilirdi. Təpə, məncə, süni olaraq yaradılmışdı, bizim tarixə qədərki hansısa qəhrəmanın məzarının üstü – torpaq qalağı idi. Yəqin, o vaxt sərkərdənin basdırılması üçün bundan yaxşı, bundan geniş yer tapılmayıb. Silsilə təpələr şərqə tərəf uzanırdı, oradan da La-Manş boğazı görünürdü. Ondan otuz mil o yana isə Qri Ne[4 - Qri Ne (fr. “boz burun” deməkdir) – Pa de Kale (La-Manşın ən dar hissəsi) körfəzində burun] və Bulondakı[5 - Bulon-sür-Mer – Fransanın şimalında şəhər; Pa de Kale körfəzinin sahilində yerləşir.] mayakların parlaq işıqları gah şölələnir, gah öləziyib sayrışırdı. Qərbə doğru isə elə bil ovuc içi kimi Uild dərəsinin qayalıqları boy verirdi; bu ərazini Hindhed və Leyt-hill təpələrindən də görmək mümkün idi. Şimalda isə Stauer dərəsi təbaşir dağlarını yarıb keçərək Uaym təpəsinə qədər uzanırdı. Cənuba dönürsən: Romney bataqlığı ayağının altında sərilib. Daha sonra Dimçerç, Romni, Lidd, Hastinqs dağları gəlir, oradan irəlilədikcə lap uzaqlar – İstborn[6 - İstborn – La-Manş boğazının Britaniya sahilində yerləşən şəhər; Şərqi Susseks qraflığının ərazisidir.] sahillərinin Biç Hedə[7 - Biç Hed – təbaşir qayalıqları; hündürlüyü 162 metrdir.] doğru yoxuşunu və yenidən qalaqlanan təpələri görmək olardı.
Könül yanğısından qovrulan Skelmersdeyl bax buralarda dolaşırmış. Özünün dili ilə desək, “baş açmadığı yollar”la gəzişərək təpənin zirvəsində oturub qüssə və həsrət dolu düşüncələr içində nə vaxt yuxuya daldığından xəbəri olmayıb. Beləcə, pərilərin səltənətinə düşüb.
Qüssə deyəndə isə, əslində, boş şeydən kədərlənirmiş: Klepton-hildən olan nişanlısı ilə arası dəyibmiş. Oğlanın dediyinə görə, hörmətli ailədən olan fermer qızını özünün əsl babı hesab edirmiş. Amma hər ikisi çox cavan olduğundan – bu yaşda gənclər həmişə çox qısqanc və həssas olurlar – ağılsızcasına bir-birində mükəmməllik axtarırdılar. Yaxşı ki, həyat və təcrübə vaxt ötdükcə insanı belə yanlış düşüncələrdən “sağaldır”. Məhz nəyin üstündə küsüşdüklərini mən bilmirəm. Bəlkə də, qız deyib ki, kişilərin uzunboğaz getr geyinməsindən xoşu gəlir və oğlan həmin gün onun dediyi kimi geyinməyibmiş. Ola bilsin, oğlan deyib ki, ona başqa şlyapa daha çox yaraşır, bu da qızın acığına gəlib. Bir sözlə, nədən başlayırsa-başlasın, söhbət mübahisəyə çevrilib və acı sözlərlə, göz yaşı ilə nəticələnib. Qız ağlaya-ağlaya onu sancaraq qəlbinə dəyib, üstəlik, bəyan edəndə ki onu heç vaxt sevməyib və aralarında hər şey bitməlidir, oğlanın əhvalı tamam korlanıb. Ona görə də dilxor halda, qəm-qüssə içində təpəni dolaşırmış. Yuxuya gedənə qədər də beləcə fikirli halda təpədə oturubmuş.
Ayılanda özünü indiyədək heç görmədiyi yumşaq otların üstündə, günəşin qabağını pərdələyən sıx kolların kölgəsində uzanan görüb. Güman ki, Pərilər ölkəsində səma heç görünmürmüş. Ümumiyyətlə, Skelmersdeyl o səltənətdə olduğu müddətdə yalnız bir dəfə – pərilərin rəqs etdiyi gecə ulduzları görüb. Məncə, o ərazi pərilərin ölkəsinə məxsus olmayıb. Ola bilsin ki, onlar ora dəmir yolu yaxınlığındakı qamışlı düzəngahda dairə qurub rəqs etmək üçün yığışıblarmış.
Hər nəysə… bu kolların, qollu-budaqlı ağacların altında, yarpaqların və otların arasında saysız-hesabsız xırda və parlaq işıldaböcəklər bərq vururmuş. Skelmersdeyl özü lap balaca adamcığaza çevrilibmiş – bu onun ayılanda dərk etdiyi ilk şey olub. Sonra ətrafında özündən də kiçik olan çoxlu məxluq görüb. Dediyinə görə, heç qorxmayıb, hətta heyrətlənməyib də. Otun üstündə rahat oturaraq gözlərini ovuşdurub. Ətrafına isə şən pərilər yığışıbmışlar. Oğlan onların sahib olduğu ərazidə yuxuya getdiyi üçün onu sürüyüb öz ölkələrinə gətiribmişlər.
Amma heç cür öyrənə bilmədim ki, bu pərilər necə görünürdülər. Skelmersdeylin söz ehtiyatı çox kasıb idi, düşündüklərini izah etməkdə çətinlik çəkirdi. Müşahidə qabiliyyəti də çox zəif olduğundan, demək olar ki, təfərrüatları unutmuşdu. Bircə, dediyinə görə, pərilərin əynində yüngül, qəşəng paltar varmış, ancaq nədən – ipək, yun, yarpaq və ya gül ləçəyindən olduğu bəlli deyil. Pərilər ətrafında dövrə vurub gözləyirmişlər ki, oğlan tam ayılsın. Bu zaman hadisələrin əsas qəhrəmanı olan pərilər kraliçası, alnında ulduz, işıqlara qərq olmuş çəmənlik boyunca, xiyabanla yeriyirmiş kimi ona doğru yaxınlaşırmış. Heç olmasa, onun haqqında bəzi şeyləri dəqiqləşdirməyə nail oldum: kraliçanın əynində şəffaf-yaşıl don varmış, incə belinə enli, gümüş kəmər dolayıbmış. Dalğalı saçları arxaya daranıbmış, saçları pərişan olmasa da, bəzi çəngələr kənarlardan dağılıb yellənirmiş. Başını birulduzlu tac bəzəyirmiş. Paltarın qollarının kəsiyindən ağ əlləri, yaxalığından da incə, uzun boynu görünürmüş. Zərif boynuna mərcan həmail dolayıbmış, yaxasına isə qırmızı gül sancıbmış. Yanaqları və çənəsi körpə uşaqlardakı kimi yupyumru imiş. Hamar qaşlarının altındakı qəhvəyi gözləri aydın, səmimi, xumar baxışlarla süzülürmüş. Əgər Skelmersdeyl kimi nitqi zəif adam bu təsvirləri bütün təfərrüatlarına qədər edə bilibsə, indi özünüz təsəvvür edin ki, həmin gözəl onun qəlbinə necə təsir edib. Düzdür, bəzi məqamlarda yenə də müfəssəl təəssürat yarada bilmirdi. Məsələn: “Bax belə, bu cür yeriyirdi”, – deyə dəqiq ifadə tapmayıb bir neçə dəfə təkrarlayırdı, mən də təmkinimi pozaraq içimdəki sevinci büruzə verə-verə qızı təsəvvür edirdim.
Belə bir gözəl məxluqla arzulanan və seçilmiş qonaq olan cənab Skelmersdeyl parlaq işıqlara qərq olmuş çəmənlikdən keçərək Pərilər ölkəsinin ən xəlvət guşəsinə yollanıblar. Qız ona qarşı çox mehriban və gülərüz davranıb, xoş təbəssüm saçan üzünü oğlana tutaraq yüngülcə əllərini sıxıb. Axı hadisənin baş verdiyi on il bundan öncə Skelmersdeyl, yəqin ki, daha yaraşıqlı olub!
Cənab Skelmersdeylin dolaşıq və anlaşılmaz təsvirlərindən harada olduğunu və nə gördüyünü anlamaq çətin idi. Solğun qırıq xatirələr pərilərin toplaşdığı məkanları, çəmənlikləri, onların həyat tərzi və əyləncələrini çox dumanlı şəkildə təsvir edirdi. “Kaş ki öz gözlərinizlə görəydiniz, zəhərli, qırmızı göbələklər çəhrayı işıq saçırdı, yırğalanan çiçəklərdən ecazkar sədalar eşidilirdi, sanki musiqi qutusundan süzülən həzin hava idi. Geniş bir çəmənlik vardı: pərilər orada bir-biri ilə oynaqlaşır, əylənir, xırda cücüləri yarışdırırdılar”. Düzü, bilmək olmurdu ki, cənab Skelmersdeyl “cücü” deyəndə nəyi nəzərdə tuturdu, ola bilsin ki, əllə tutula bilməyən, xırda böcəklərdən və ya digər həşəratlardan bəhs edirdi. Bundan başqa, deyirdi ki, orada bir yerdə sahilində nəhəng qaymaqçiçəkləri açan çay axırdı və pərilər isti havalarda o çayda çimirdilər. Yosunların arasında bu balaca məxluqlar dövrə vurub bir-birini əzizləyir, gülüb-oynayırdılar.
Söz yox ki, kraliçanın Skelmersdeyldən xoşu gəlib, amma gənc oğlan da hər necə olur-olsun öz nəfsini tutmaqda qərarlı olub. Lakin bir gün, çayın bənövşələrin ətir saçdığı sakit, xəlvət sahilində kraliça ürəyini ona açıb.
– Onun səsi getdikcə daha da həzinləşdi, əlimi əlinə alıb mənə yaxın oturaraq pıçıldamağa başladı. Elə mehriban, elə sevimli idi ki, az qalmışdı başımı itirəm.
Xoşbəxtlikdən başını çox itirməli olmayıb. Ətir saçan bənövşələrin, füsunkar gözəlin əhatəsində olmağına rəğmən oğlan anlayıb ki, “bu külək hayana əsə bilər”, ona görə də nişanlı olduğunu nəzakətlə qıza eyham vurub. Amma bununla belə, gözəl pəri israr edirmiş ki, başqa oğlanların, yoldaşlarının arasında ən yaraşıqlısı odur və ürəyi nə istəsə, hətta ən ümdə arzusunu da yerinə yetirməyə hazırdır. Skelmersdeyl bu vədləri verən kraliçanın zərif dodaqlarından gözlərini ayıraraq bildirib ki, şəxsi dükanını açmaq üçün bir az pulu olsaydı kifayət edərdi. Bu yerdə mən kraliçanın gözəl, qəhvəyi gözlərinin heyrət dolu ifadəsini təsəvvür edirəm. Amma qız da arif imiş, hər şeyi başa düşüb və ətraflı sorğu-sual edib ki, dükanının necə olmasını arzu edir. (Pəri bütün bu vaxt ərzində ancaq gülümsəyirmiş.) Skelmersdeyl həqiqəti deməyə, nişanlısı və yaxın gələcəkdəki planları haqqında danışmağa başlayıb.
– Hamısını olduğu kimi danışdınız? – deyə mən soruşdum.
– Hə, hamısını, – Skelmersdeyl cavab verdi. – Nişanlım harada yaşayır, kimlərdəndir – hər şeyi qeyd-şərtsiz danışdım. Elə bil nəsə məni yalnız həqiqəti deməyə vadar edirdi. “Arzuladığın nə varsa, hamısı olacaq, – pərilər kraliçası mənə dedi. – Hətta hesab elə ki, hamısı artıq həyata keçib. Madam ki pula bu qədər ehtiyacın var, o da olacaq. Ancaq indi… sən məni öpməlisən”.
Cənab Skelmersdeyl özünü elə aparıb ki, guya pərinin son sözünü eşitməyib. Deyib ki, o çox xeyirxah və mehribandır. Hətta onu da bildirib ki, o belə bir pərinin xeyirxahlığına layiq deyil və… birdən kraliça ona daha yaxın əyləşərək pıçıldayıb: “Öp məni!”
– Mən axmaq da onun dediyini elədim, – Skelmersdeyl dedi.
Öpüşlər, bildiyimə görə, müxtəlif olur və yəqin ki, pərilər kraliçasının öpüşü Millinin, oğlanın nişanlısının bəxş etdiyi “zərifliyin səsli təzahürü”nə bənzəmirdi. Bu öpüşdə nəsə ovsunlayıcı qüvvə vardı, tilsimli idi və şübhəsiz ki, o andan etibarən də hər şey dəyişmişdi. Hər halda, oğlan bu hissəni olduğu kimi təsvir etməyə cəhd göstərdi. Mən xəyalımda qarışıq eyhamlar və hərəkətlər dolu həmin səhnəni canlandırmağa çalışdım, amma həmin anda yarpaqların arasından süzülən xəfif işığı, nağılvarı meşənin sirli-sehrli sükutunu, ətraf mühitin heyrətamiz gözəlliyini olduğu kimi təsvir edə bilərəmmi?!
Öpüşdən sonra kraliça tez-tez Milli haqqında soruşurmuş: “Çoxmu gözəldir, xasiyyəti necədir?” – deyə hər şeyi ətraflı bilmək istədiyini söyləyirmiş. Deyəsən, nişanlısının gözəlliyi haqqındakı suala “pis deyil” deyə cavab verib. Bu söhbətdən sonra pəri bildirib ki, o, ay işığında təpənin başında yatanda onu görüb və aşiq olub və əmr edib ki, oğlanı Pərilər ölkəsinə gətirsinlər. O zaman, əlbəttə, Milli haqqında heç nə bilmirmiş və ümid edirmiş ki, oğlan da bir gün onu sevər. Amma madam ki başqasını sevir, onun ölkəsində bir az da qaldıqdan sonra nişanlısına geri dönə bilər.
Pəri danışdığı müddətdə Skelmersdeyl hiss edib ki, artıq onun cazibəsinin təsiri altına düşüb. Amma özünə xas olan astagəlliyi ucbatından heç cür qərar qəbul edə bilməyib. Onun valehedici gözəlin qarşısında matı-qutu qurumuş halda necə oturduğunu, key kimi elə ancaq nişanlısı, quracağı dükan və bunun üçün at-araba lazım olacağı haqqında dodaqaltı mızıldandığını təsəvvür edirəm. Bəlkə də, bu “başağrısı” çox davam edib. Onu da təsəvvürümə gətirirəm ki, balaca sehrbaz qız oğlanın yan-yörəsinə dolanıb ondan əl çəkmir, hər vəchlə sevgisini izhar etməyə çalışır. Bu qayğısız pəri nə bilsin ki, insan həyatı, dolanışığı necə çətindir! Oğlan isə yeni hislərin təsiri altında, gözüyumulu onun dalınca gedir, amma bütün bunlara rəğmən adi insani qayğılarını da unutmur. Əlbəttə, zavallı Skelmersdeylin qarışıq, dolaşıq hekayəsinin qəhrəmanı olan bu balaca pərinin gözqamaşdırıcı gözəlliyini sözlə təsvir etmək çox çətindir. Mənim təsəvvürümdə o, yöndəmsiz söz qarma-qarışıqlığı içində təmiz şəfəqlə parlayan bir ulduza bənzəyir, sanki pırtlaşıq otların arasında bərq vuran işıldaböcək kimi…
Bu müddət ərzində, yəqin ki, Skelmersdeyl çox şeylər görüb, hətta bildiyimə görə, bir dəfə pərilərin ay işığında dövrə vurub rəqs etdiyinin də şahidi olub. Elə bununla da hər şey bitib. Həmin gecə kraliça onu böyük bir mağaraya gətirib. Oğlanın yaddaşına bel bağlasaq, mağaranın içərisini qırmızı lampa işıqlandırırmış. Ətrafda içi qızıl sikkələrlə dolu sandıqlar, qızıl piyalə və mücrülər göz qamaşdırırmış. Xəzinəni qoruyan cırtdan cinlər kraliçanı görcək təzim edib kənara çəkiliblər. Pərilər kraliçası oğlana tərəf dönərək parlaq gözləri ilə onu süzüb.
– Bax belə! – gözəl pəri deyib. – Sən elə yaxşı, ləyaqətli oğlansan ki, gərək səni buraxım gedəsən. Mənimlə də xeyli vaxt keçirdin. İndi sən öz nişanlının yanına qayıtmalısan. Mən də sənə verdiyim sözü unutmamışam, indi sənə arzuladığın qızılı verəcəklər.
– O danışarkən elə bil boğulurdu, – Skelmersdeyl dedi. Sonra sinəsinə toxunub əlavə etdi: – Mən də hiss edirdim ki, içimdə hər şey donub-qalıb. Rəngim avazımışdı, titrəyirdim, ancaq bir söz deyə bilmirdim. Axı nə deyə bilərdim ki?!
Bir anlıq susdu.
– Bəs sonra? – deyə soruşdum.
Bu səhnəni təsvir etməyə onun gücü çatmadı. Bircə onu bildim ki, vidalaşarkən pəri onu öpüb.
– Bəs siz bu məqamda da ona heç bir şey demədiniz?
– Heç bir şey… Quzu kimi boynumu büküb dayanmışdım. Gedərkən cəmi bircə dəfə dönüb mənə baxdı. Gülümsəyir, eyni zamanda ağlayırdı – bunu dəqiq gördüm, çünki yaşarmış gözləri parlayırdı. Sonra yoxa çıxdı, elə bu an balaca cırtdanlar ətrafıma dolanıb sandıqdakı qızılları əllərimə, ciblərimə, paltarımın yaxalığına doldurmağa başladılar.
Yalnız kraliça yoxa çıxandan sonra Skelmersdeyl nə hiss etdiyini dərk edib. O, birdən üstünə yağan qızılları bir tərəfə tullayaraq qışqırıb ki, ona heç nə lazım deyil. “Mənə sizin qızıllarınız lazım deyil. Burda qalmaq istəyirəm. Sizin kraliçanızla bir daha danışmaq istəyirəm”, – deyərək pərinin arxasınca qaçmaq istəyəndə ona imkan verməyiblər. Balaca əlləri ilə onu sinəsindən geri itələyiblər. Bununla belə, ətrafdakı qızılları elə hey üst-başına doldururmuşlar; əllərindən, ciblərindən qızıllar aşıb-daşırmış.
– Mənə qızıl lazım deyil! – onlara deyirdim. – Heç olmasa, bir dəfə kraliçanızla məni görüşdürün. Ona deyəcək sözlərim var.
– Görüşüb danışa bildiniz?
– Eh, nə görüşmək… dava düşdü.
– Ondan sonra heç görmədiniz?
– Yox, görmədim. Mən onları bir tərəfə tullayanda pəri artıq yoxa çıxmışdı.
Beləliklə, Skelmersdeyl qırmızı işıqlı mağaradan özünü bayıra ataraq pərini axtarmağa yollanıb. Mağaranın ağzındakı tağlı keçid boyu o qədər irəliləyib ki, bir də özünü sayrışan işıqları şölələnən düzəngahda görüb. Ətrafda isə pərilər, cinlər deyə-gülə rəqs edirmişlər. Mağaradan onun arxasınca qaçıb gələn cırtdan cinlər isə ondan əl çəkmədən hələ də üstünə qır-qızıl yağdırır və qışqırırmışlar: “Bu da sənə pərilər kraliçasından hədiyyə! Götür arzuladığın qızılları!”
Oğlan bu sözləri eşidəndə canını qorxu bürüyüb ki, hər şey bitib. Naəlac qalıb var gücü ilə bağıraraq pərini səsləyib. Sonra mağaranın girişindən uzaqlaşıb, üzü yamacaşağı, yemişan kollarının arası ilə qaça-qaça qışqıraraq kraliçanı çağırıb. Pərilər oğlanın ətrafında rəqs edərək onu çimdikləyir, cırmaqlayırmışlar. O isə heç bir ağrı hiss etmədən gözəl pərini səsləməyə davam edib. Sayrışan ulduzlar başının üstündə titrəşib onun üzünə işıq salırmış, cırtdan cinlər isə hələ də arxasınca qaçaraq onu qızıla tutur, “Götür qızılları, götür! Pərilər padşahının hədiyyəsidir”, – deyə əl çəkmirlərmiş. O qaçır, arxasınca isə bu əcaib dəstə onu təqib edir, yolundan azdırırmış. Oğlan gah dizə qədər bataqlığa batır, gah sıx kollara dolaşırmış. Birdən bu kolların birinə ilişərək yıxılıb. Üzüqoylu yıxılsa da, arxası üstə çevrilib və o an görüb ki, Oldinqton təpəsində uzanıb, ətrafında heç bir ins-cins yoxdur, başının üstündə ulduzlar sayrışır. Tez dikəlib oturub, yaman üşüyürmüş, bütün bədəni donub keyiyibmiş. Üstəlik, otun üstünə uzanmaqdan pal-paltarı şehdən nəm çəkibmiş. Dan yeri artıq ağarır, soyuq külək əsirmiş. Oğlan artıq düşünürmüş ki, gördükləri fərqli də olsa bir yuxu, daha doğrusu, kabus imiş. Ancaq əlini cibinə salanda baxıb ki, cibi küllə doludur. Artıq şübhə yeri qalmayıb – cibinə tökülmüş sehrli qızıllar külə çevrilmişdi. Hiss edib ki, bütün bədəni cızılmaqdan, didilməkdən göynəyir, amma baxıb görüb ki, heç bir cırmaq, qançır izi yoxdur.
Bax cənab Skelmersdeylin Pərilər ölkəsindən bizim dünyaya qəfil qayıtması belə olub. Oğlana elə gəlib ki, hadisələr bir gecənin içində baş verib, ancaq dükana qayıdanda anlayıb ki, düz üçhəftəlik yoxa çıxıbmış.
– İlahi! Mən bunu biləndə necə əzab çəkdim!..
– Niyə ki?
– Çünki insanlara izahat vermək lazım gəlirdi. Yəqin, heç vaxt belə bir çətin izahat qarşısında qalmayıbsınız.
– Heç bir dəfə də qalmamışam.
Sonra bir az onun yoxa çıxması ilə bağlı insanların necə davrandığından danışdı. Ancaq adları unutmuşdu.
– Bəs Milli? – nəhayət, mən soruşdum.
– Düzü, onu heç görmək də istəmirdim, – deyə cavab verdi.
– Yəqin, o, münasibətini dəyişmişdi?
– Əlbəttə, dəyişmişdi. Ümumiyyətlə, hər şey, həmişəlik dəyişdi. Hətta ətraf mühit mənə elə nəhəng, yöndəmsiz, yaraşıqsız, hay-küylü görünürdü ki!.. Səhər günəş doğanda isə artıq onun şəfəqləri məni xoşhallandırmırdı, əksinə, qıcıqlandırır, gözlərimi deşirdi.
– Milli necə oldu?
– Dedim də… Heç üzünü də görmək istəmirdim.
– Amma yəqin ki, görüşdünüz?..
– Hə, bir bazar günü o, kilsədən gələndə yolda qarşılaşdıq. “Harada itib-batmışdın?” – deyə soruşdu. Bildim ki, dava çıxarmaq istəyir. Heç vecimə də deyildi, ürəyindən dava keçirdisə, qoy eləsin. Heç ona əhəmiyyət də vermirdim, elə bil yanımda deyildi. Ona qarşı o qədər biganə idim ki, düşünürdüm: əvvəllər bu qızın nəyini bəyənmişəm?! Uzun müddət onu görməyəndə keçmiş günləri yada salırdım, amma görəndə də pərilər kraliçasının xatirəsi sanki ona yaxın olmağıma mane olurdu. Düzünə qalsa, heç Milli də məndən ötrü ölmürdü…
– Ərə getdi?
– Hə, öz əmisi oğluna… – Skelmersdeyl cavab verib bir müddət süfrədəki naxışlara diqqətlə baxdı.
O, yenidən danışmağa başlayanda hiss etdim ki, ilk məhəbbətindən qəlbində heç bir iz qalmayıb. Söhbətimiz yenə də onun qəlbinə hakim kəsilmiş pərilər kraliçasının üzərinə gəldi. Onun barəsində danışmaqdan yorulmurdu. O mənə qəribə sevgi sirlərini, məhrəm duyğularını açdı – bunları burda yazmaq satqınlıq olardı.
Bu əhvalatda mənə ən çox təsir edən bu oldu: baqqal dükanının geyimli-kecimli satıcısı öz hekayəsini bitirərək əlində siqar, qarşısında viski qədəhi önümdə oturub. Üzərindən çox illər keçməsinə baxmayaraq, hələ də ürəyini parçalayan eşq yanğısından, tükənməz qüssədən danışır, bu müddət ərzində ona əzab verən könül yarasını izhar edirdi…
– Yemirdim, yatmırdım, – deyirdi, – hesabları qarışdırır, sifarişləri səhv salırdım. O gözəl pərini unuda bilmirdim. Onun üçün elə darıxırdım, xiffətini elə çəkirdim ki! Əlimdəki işim bitər-bitməz hər gecə özümü Oldinqton təpəsinə verirdim. Hətta yağışlı, soyuq havalar belə mənə mane ola bilmirdi. Təpənin yan-yörəsinə dolanır, zirvəsinə qalxıb bağırır, onları səsləyirdim; yalvarırdım ki, məni yenidən öz səltənətlərinə buraxsınlar. Ağlaya-ağlaya haraylayırdım, dərddən lap başımı itirmişdim. Elə hey təkrarlayırdım ki, günahkaram, məni bağışlasınlar. Bazar günləri, hətta iş günləri günortalar da sel kimi tökən yağışın altında təpənin ətrafında dolaşırdım. Hərçənd bilirdim ki, gündüz vaxtı pərini axtarmaqdan bir şey çıxmaz. Hələ orda yatmağa da cəhd edirdim…
Gözlənilmədən susub viskidən bir qurtum aldı.
– Çalışırdım ki, təpədə uzanıb həmin gün olduğu kimi yuxuya gedim, – deyə fikrini təkrarladı. Danışarkən elə həyəcanlı idi ki, dodaqları titrəyirdi. – Neçə dəfə buna cəhd etdim, amma inanın ki, cənab, bacara bilmədim – heç bircə dəfə də… Düşünürdüm ki, gözümə yuxu getsə, bəlkə, hər şey təkrarlana bilər. Amma canıma qor dolmuş kimi ha otərəf-butərəfə dönürdümsə, yuxu gəlmirdi ki, gəlmirdi. Fikir, qəm-qüssə məni yatmağa qoymurdu. Eh, bu kədər… Mənsə istəyirdim ki…
O, sözünü yarımçıq qoyub dərindən ah çəkdi; viskini birnəfəsə içib qəfildən ayağa qalxdı, buxarının üstündəki divara vurulmuş ucuz rəsm çərçivələrinə diqqətlə nəzər salıb pencəyini düymələdi. Döş cibindən gündəlik sifarişləri yazdığı qara üzlüklü qeyd dəftərçəsi görünürdü. Düymələrini axıradək bağlayıb sinəsini şappıldatdı və birdən mənə tərəf çevrilib dedi:
– Yaxşı, mən gedim.
Baxışlarında elə bir ifadə vardı ki, sanki dillə deyə bilmədikləri gözlərinə hopmuşdu.
– Sizi də söhbətə tutdum, – bu sözü deyəndə artıq qapının ağzında idi, gülümsəyib gözdən itdi.
Bax cənab Skelmersdeylin hər kəsi maraqlandıran Pərilər ölkəsindəki əhvalatı belə olmuşdu.

MÖCÜZƏ YARADAN
Bu verginin anadangəlmə olması çox şübhəlidir. Şəxsən mən hesab edirəm ki, bu onda sonradan, həm də qəfildən yaranıb. Axı bu adam otuz yaşına qədər ən qatı skeptiklərdən olub və heç bir möcüzəyə də inanmayıb!
Yeri gəlmişkən qeyd edim ki, o, bəstəboy, qəhvəyigözlü, kürən, pırtlaşıqsaçlı bir adamdır. Bundan başqa, ucunu yuxarı burduğu bığ da saxlayır, üstəlik, sifəti çillidir. Onun adı Corc Makuirter Foderingey idi (bu ad qətiyyən möcüzə yarada bilən adama uyğun gəlmir), Homşottun idarəsində klerk[8 - Klerk – kargüzar (idarədə yazı-pozu işinə baxan işçi); insanlar onlara “ağ yaxalıqlılar” deyə ayama da qoşurdular.] vəzifəsində çalışırdı.
Bu adamın işi-gücü dost-tanış arasında oturub höcətləşmək, hər vəchlə haqlı olduğunu sübut etmək idi. Elə onun qeyri-adi qabiliyyəti də dünyada möcüzə olmadığını qəti surətdə bəyan etdiyi zaman ortaya çıxmışdı.
Mübahisə “Uzun əjdaha” barında baş vermişdi. Mister Foderingeylə söz güləşdirən Toddi Bimiş adlı cənab bütün faktları təkcə bir ifadə ilə təkzib edirdi: “Sizə elə gəlir!” – bu da onu tamamilə özündən çıxarırdı.
Bu iki centlmendən başqa, barda üstü toza bulaşmış velosipedçi, “Əjdaha”nın sahibi Koks və bufetçi qadın, olduqca nəcib və dolubədənli miss Meybric də var idilər. Bu xanım arxası Foderingeyə tərəf dayanaraq stəkanları yuyurdu. Yerdə qalanlar isə maraqla mübahisə edənləri izləyir, onların öz fikrini necə sübut etmələri cəhdinə əylənirdilər.
Mister Bimişin seçdiyi mübahisə üsulundan cin atına minən mister Foderingey fikrini isbatlamaq üçün bəlağətini işə salmışdı.
– Qulaq asın, cənab Bimiş, – deyirdi. – Əvvəlcə gəlin aydınlaşdıraq ki, möcüzə nə deməkdir. Bu, təbiət qanunları, iradənin gücü ilə uyğun gəlməyən bir şeydir və nə qədər cəhd edirsən et, mövcudluğu mümkün deyil.
– Bu sizə elə gəlir! – cənab Bimiş qalibsayağı öz fikrini bildirirdi.
Cənab Foderingey üzünü bayaqdan bəri sakit oturmuş velosipedçiyə tutdu, o da öskürə-öskürə, tərəddüdlə Bimişə baxaraq bu fikirlə razı olduğunu bildirdi. Barın sahibi, ümumiyyətlə, münasibət bildirməkdən imtina etdi. Ancaq Foderingey yenidən Bimişə tərəf çevriləndə o, gözlənilmədən bəzi düzəlişlər edərək möcüzənin bu cür tərifi ilə razılaşdı.
– Məsələn, – Foderingey daha da ruhlanaraq dedi, – möcüzə bax bu olardı: bu lampa tərsinə çevrilərsə, təbiət qanunlarına uyğun olaraq yana bilməz, elə deyilmi, Bimiş?
– Sizə elə gəlir ki, yana bilməz, – Bimiş qeyri-ixtiyari cavab verdi.
– Bəs sizə necə gəlir? – Foderingey qəzəblə çığırdı. – Deməli, sizə elə gəlir ki…
– Hə, – Bimiş könülsüz halda razılaşdı, – yana bilməz.
– Əla! – Foderingey davam etdi. – Tutaq ki, kimsə gəlir, lap elə deyək ki mən, ortada dayanır və bütün iradəsini toplayaraq lampaya mənim deyəcəyimi deyir: “Tərsinə çevril, ancaq düşüb qırılma, yanmağa davam et!” və “Oy!”
Bax burda “Oy!” deyə heyrətlənmək üçün səbəb vardı: hər kəsin gözünün önündə mümkünsüz, inanılmaz bir şey baş verdi. Lampa tərsinə çevrilib havada asılı qaldı və piltəsi aşağıya doğru yanmağına davam elədi. Bu fakt elə bardakı lampanın özünün mövcudluğu qədər danılmaz və şəksiz idi.
Cənab Foderingey şəhadət barmağını lampaya tərəf tutaraq yerində donub-qalmış, qaçılmaz fəlakəti gözləyən adam kimi qaşları çatılmışdı. Lampaya daha yaxın oturmuş velosipedçi yerindən sıçrayıb kənara atıldı. Onunla bərabər digərləri də oturduqları yerdən dik qalxdılar. Miss Meybric çevrilib zingiltili səs çıxartdı.
Təxminən üç saniyə lampa havada asılı qalaraq işıq saçmağa davam elədi. Sonra Foderingey əzabverici həyəcanla zarıyıb dedi:
– Daha onu saxlamaq gücündə deyiləm!
Bunu deyib daldalı çəkildi; çevrilmiş lampanın piltəsi söndü, yerə düşüb çilik-çilik oldu. Xoşbəxtlikdən lampanın kiçik çəni metaldan idi, yoxsa yanğın baş verə bilərdi.
Sükutu ilk pozan cənab Koks oldu. Danışığındakı artıq ifadələri çıxarsaq, onun fikri ondan ibarət idi ki, Foderingey axmaq adamdır. Amma Foderingey elə bir vəziyyətdə idi ki, belə bir mütləq bəyanata etiraz etmədi. O, baş verən hadisənin təsirindən hələ də karıxıb qalmışdı. Digərləri də danışmağa başladılar, amma nə hadisənin mahiyyətinə, nə də Foderingeyin buradakı qüdrətinə aydınlıq gətirə bilmədilər. Ümumi fikir cənab Koksun fikri ilə üst-üstə düşürdü, hətta daha ağır səslənirdi. Hamı Foderingeyi axmaq hiylədə günahlandırır, bununla da sübut etməyə çalışırdı ki, o, düşüncəsiz hərəkətləri ilə ətrafdakıların dincliyini pozaraq onları təhlükə qarşısında qoyub.
Cənab Foderingey elə mat qalmış və özünü itirmişdi ki, bardakılar ona deyəndə ki çıxıb evinə getsin, heç bir etiraz etmədən onlarla razılaşdı.
O, ayaqları dolaşa-dolaşa, həyəcandan pul kimi qızarmış, pencəyinin yaxası əzilmiş vəziyyətdə, gözləri, qulaqları alışıb-yanaraq evinə gedirdi. Yolda qabağına çıxan küçə fənərlərinin hər birinə narahatlıqla gözucu baxırdı. Çerçrou küçəsindəki evinin kiçik yataq otağında, nəhayət, fikirlərini toplayıb özünü ələ ala bildi. Hadisəni yenidən xatırlayıb özü-özündən soruşdu:
“Axı, əslində, nə baş vermişdi?!”
O artıq pencəyini soyunub, ayaqqabısını çıxarıb çarpayının kənarında oturmuşdu. Əlini cibinə salaraq on yeddinci dəfə idi ki bu sözü təkrarlayırdı: “Mən axı o lənətə gəlmiş lampanın çevrilməsini istəmirdim!”
Bu zaman, barda əmr verərkən, əslində, şüuraltı tələbinin yerinə yetirilməsini arzuladığını xatırladı. Sonra lampanı havada görəndə hiss edirdi ki, necə olursa-olsun onu bu vəziyyətdə saxlayan da elə özü olmalıdır. Əgər cənab Foderingey məntiqi düşüncə qabiliyyətinə malik olsaydı, sözsüz ki, “şüuraltı istək” fikri ətrafında xeyli baş sındırardı, çünki bu fikir iradə qüvvəsinin çox mürəkkəb problemlərini əhatə edir. Amma Foderingeyin belə mücərrəd fərziyyələrə meyli olmadığından bu məntiq ona qaranlıq qaldı; ona görə də onu qeyd-şərtsiz qəbul etdi. Sonra da buna söykənib – etiraf etməliyəm ki, heç bir məntiqə sığınmadan – qəlbindən keçirdiklərini təcrübədə yoxlamaq qərarına gəldi. Qəti hərəkətlə əlini şama uzadıb fikrini cəmlədi, axmaqlıq etdiyini anlasa da, əmrini verdi:
– Qalx!
Elə həmin anda onun olan-qalan şübhələri də yoxa çıxdı: şam qalxıb bir anlıq havada asılı qaldı, sonra onun çaşqın “Ah!” iniltisinin ardınca şappıltı ilə dolabçanın üstünə düşərək közərən fitilini nəzərə almasaq, Foderingeyi qaranlıqda qoydu.
Bir müddət cənab Foderingey tərpənmədən qaranlıqda oturdu.
– Deməli, belə də olub!.. – nəhayət, dodağının altında mızıldandı. – Axı nə baş verir, onu anlamıram?!
Dərindən ah çəkib kibrit tapmaq ümidi ilə ciblərini eşələdi. Orada əlinə bir şey keçmədiyindən qalxıb dolabçanı qarışdırmağa başladı.
– Heç olmasa, bir dənəsini tapa bilsəydim!.. – deyə düşündü.
Pencəyinin ciblərini qurdaladı, orda da bir şey yox idi və birdən ağlına gəldi ki, bu möcüzəni kibritlə də həyata keçirmək olar. Qaranlıqda ovcunu irəli uzadıb üz-gözünü turşudaraq dilləndi:
– Qoy əlimdə kibrit qutusu olsun!
Ovcuna nəsə yumşaq bir əşya düşdü və onu ovcunda sıxdı – kibrit qutusu idi! Bir neçə uğursuz cəhddən sonra, nəhayət, kibrit çöpünü alışdırıb bunun hər hansı sehrli bir şey deyil, adi təhlükəsiz kibrit olduğuna arxayınlaşdı. Kibrit çöpünü atarkən dərhal ağlına gəldi ki, əmr eləsə, o da öz-özünə yana bilər. Əmr etdi və dolabçanın üzərinə qoyulmuş salfet kağızının üstündəki kibrit çöpü alışdı. Tələsik çöpü götürəndə o söndü. Xüsusi qabiliyyətinin bitib-tükənməz olduğunu anlayıb əlhavasına şamı taparaq qəndilə yerləşdirdi.
– Tez yan görüm! – deyə əmr etdi, o anda şam alışdı, zəif işıqda az əvvəl kibritin salfet kağızına saldığı yanıq izini gördü.
Bir müddət Foderingey gah yanıq izinə, gah da şama baxdı, sonra gözlərini qaldıranda özünün güzgüdəki əksinə tamaşa elədi. Bir neçə saniyə güzgünün vasitəsilə səssiz-səmirsiz, qəlbində öz ruhu ilə danışdı. Nəhayət, üzünü öz əksinə tutub ucadan soruşdu:
– Hə, möcüzə ilə bağlı indi nə deyəcəksən?
Foderingeyin bundan sonrakı düşüncələri gərgin olsa da, çox qeyri-müəyyən xarakter daşıyırdı. Anladığı qədəri ilə təkcə arzulamağı və əmr etməyi bəs edirdi ki, dərhal istəyi yerinə yetsin. Baş verənlərdən sonra riskə getmək istəmirdi və ən zərərsiz təcrübələr etməyə qərar verdi. Kağız vərəqini havada uçmağa, stəkandakı suyu çəhrayı rəngə, sonra da yaşıla boyanmağa vadar etdi. Sonra o, ilbiz yaratdı, tez də fikrindən daşınıb onu məhv etdi. Bundan başqa, özü üçün yeni diş fırçası düzəltdi. Gecəyarısı düşəndə o belə bir nəticəyə gəldi ki, görünür, onun iradə qüdrəti çox güclüdür ki, belə bir fövqəltəbii qüvvəyə malikdir. Əlbəttə, əvvəlcə buna şübhə ilə yanaşmışdı, amma indi tam əmin idi. İlk anlardakı qorxu və çaşqınlıq artıq yerini məğrurluğa vermişdi – öz fərqliliyi və müstəsna qüvvəsinin mümkün faydalarının dərki dumanlı hissiyyatını aydınlatmışdı.
Qəflətən düşüncələrdən ayrılıb fikir verdi ki, kilsə qülləsindəki saat gecə saat biri vurur. Öz möcüzə yaratma qüvvəsinin köməyi ilə sabah idarəyə getməkdən canını qurtara biləcəyi fikri ağlına gəlmədiyinə görə yatağa girmək üçün tez paltarını soyunmağa başladı. Elə köynəyini çıxarırdı ki, ağlına parlaq fikir gəldi.
– Qoy mən yatağımda uzanım! – deməyi ilə dərhal yataqda uzandığını gördü.
– Həm də soyunmuş halda… – dərhal əmrində düzəliş etdi və həmin an yorğan-döşəyin soyuqluğunu duydu. Tələsik əlavə etdi:
– Əynimdə gecə köynəyi olsun! Yox, bu deyil, yaxşı, yumşaq, ən zərif yundan olsun! Ah! – ləzzətlə içini çəkdi, – İndi isə şirin yuxuya dalmaq istəyirəm…
Həmişəki vaxtında oyandı; səhər yeməyi zamanı çox fikirli idi: dünən baş verənlər ona parlaq yuxu kimi gəlirdi. Bunu yoxlamaq üçün bir neçə zərərsiz təcrübəni sınaqdan keçirmək niyyətinə düşdü; məsələn: səhər yeməyində üç yumurta yedi; onlardan ikisi ev sahibəsinin hazırladığı, bir az qalıb köhnəlmiş, üçüncüsü isə möcüzə yolu ilə süfrəsində peyda olmuş əla qaz yumurtası idi.
Foderingey səylə gizləməyə çalışsa da, olduqca həyəcanlı şəkildə idarəyə tələsdi. Üçüncü yumurtanın qabıqlarını isə bir də axşam evə qayıdanda, o da ev sahibəsi naməlum qabıqlar haqqında danışdığı üçün xatırladı. İşdə isə bütün günü özündə aşkar etdiyi möcüzəvi xüsusiyyətləri ona başını aşağı salıb işləməyə imkan vermədi, amma buna görə onu danlayan da olmadı, belə ki, iş saatının bitməsinə on dəqiqə qalmış, möcüzənin köməyi ilə bütün işini yerinə yetirdi.
Axşamayaxın heyrətini dərin sevinc hissi əvəzlədi. Düzdür, “Uzun əjdaha” barından qovulduğu anı xatırlamaq əvvəlki kimi yenə də xoşagəlməz təəssürat yaradırdı. Üstəlik, bu hadisənin çox şişirdilmiş hekayəti iş yoldaşlarının da qulağına çatmış və onların lağlağısına səbəb olmuşdu.
Cənab Foderingey belə bir nəticəyə gəldi ki, kövrək, sına bilən əşyalara əmr edib qaldıranda ehtiyatlı olmaq lazımdır, digər əşyalarla isə istədiyi kimi davranmağa fövqəl qabiliyyəti ona imkan yaradırdı. Xüsusilə bəzi əşyalar yaradaraq öz əmlakını artırmaq qərarına gəldi. Bir cüt brilyant qol düyməsi yaratdı, amma cənab oğul Homşot şöbəyə yaxınlaşdığı üçün tez də yaratdığını yoxa çıxarmalı oldu. Oğul Homşotun brilyantı haradan əldə etdiyi ilə maraqlanacağından ehtiyatlandı. O, yaxşı anlayırdı ki, öz bacarığından ehtiyat və diqqətlə istifadə etməlidir. Hər halda, bu onun üçün velosiped sürməyi öyrənməkdən daha asan idi – baxmayaraq ki bu işin də öhdəsindən artıq gəlmişdi. Bəlkə də, “Uzun əjdaha” barında soyuq qarşılanacağına görə yox, məhz bu ideyalarını həyata keçirmək istəyi onda şam yeməyindən sonra qaz istehsalı zavodunun xəlvəti guşələrinin birinə çəkilərək sakitcə müxtəlif möcüzə yaratmağı məşq eləmək fikrini oyatdı.
Görünür, cənab Foderingeyin təcrübələri öz orijinallığı ilə seçilmirdi; hər halda, onun qeyri-adi qabiliyyətini nəzərə almasaq, ən adi insanlardan biri idi. O, Musa peyğəmbərin əsa ilə yaratdığı möcüzəni xatırlayıb eynisini həyata keçirmək istədi, ancaq gecə olduğundan qaranlıqda əsanın ilana necə çevrilməyini izləmək mümkün olmayacağını düşünüb fikrindən daşındı. Sonra o, bir dəfə konsert salonunda proqramdan oxuduğu “Tanqeyzer” operasındakı[9 - “Tanqeyzer” operası – müəllifi alman bəstəkarı Rixard Vaqner (1813-1883)] möcüzəni yada saldı; bunun çox maraqlı və ziyansız olduğunu düşündü: o öz çəliyini (yüksəkkeyfiyyətli palma ağacından düzəldilmişdi) yol kənarındakı otluğa sancdı, sonra da bu quru çubuğa çiçəklənməyi əmr etdi. Həmin anda hava təzə qızılgüllərin ətri ilə doldu. Foderingey kibrit alışdırıb əmin oldu ki, operadakı möcüzəni təkrarlaya bilib. Onun həddi-hüdudu olmayan sevincini yaxınlaşan ayaq səsləri pozdu. Möcüzə yaratmaq qabiliyyətinin vaxtından qabaq ortaya çıxacağından ehtiyatlanan Foderingey çiçəklənmiş çəliyinə tez geri çəkilməyi əmr etdi. Əslində, “əvvəlki vəziyyətinə qayıt” deyə əmr etməliydi, amma tələsdiyindən dili dolaşdı, buna görə də çəlik göz qırpımında geriyə tərəf yoxa çıxdı. Yaxınlaşan adamın isə tezliklə yağlı söyüş dolu əsəbi səsi eşidildi:
– Tikanlı budaqları kimə tolazlayırsan, axmaq! Ayağımı tamam cızıq-cızıq elədi.
– Bağışlayın, – deyə Foderingey sözə başlamaq istəsə də, izahatının vəziyyəti tamam korlayacağını nəzərə alıb susdu. Çaşqın və əsəbi halda bığlarını didişdirməyə başladı.
Ona yaxınlaşan adam İmmerinqdə asayişi qoruyan üç polisdən biri olan cənab Uinç idi.
– Nədi, çubuq tullamaq xoşuna gəlir? – polis soruşdu. – A! Bu ki sizsiniz! “Uzun əjdaha”da lampanı siz sındırmısınız?
– Yox, elə deyil! – Foderingey tərəddüdlə cavab verdi.
– Elə isə çubuğu niyə tolazlayırdınız?
– Elə-belə, birdən ağlıma gəldi! – Foderingey ucadan dilləndi.
– Elədir ki var! Axı o, tikanlıdır! Nə məqsədlə atırdınız, hə?
Foderingey karıxmış halda dayanıb necə cavab verəcəyini aydınlaşdırırdı. Onun susqunluğu, görünür, cənab Uinçi əsəbiləşdirdi.
– Bilirsiniz ki, sizin bu hərəkətiniz polisə hücum hesab edilir, cavan oğlan? Ağzımda polis deyirəm…
– Qulaq asın, cənab Uinç, – pərt olmuş Foderingey sıxıla-sıxıla dedi. – Çox təəssüf edirəm. Məsələ bundadır ki…
– Hə!
Cənab Foderingey heç cür yalan uydura bilmədiyindən həqiqəti deməyə qərar verdi.
– Mən möcüzə yaradırdım. – O bunu adi bir şeymiş kimi laqeyd şəkildə deməyə çalışsa da, buna müvəffəq ola bilmədi.
– Möcüzə… yaradırdın?! Bu nə cəfəngiyatdır? Möcüzə yaradırmış… Adamın gülməyi gəlir! Siz heç bir möcüzənin mövcudluğunu qəbul etməyən adam deyilsiniz?! Yoxsa yenə də axmaq hoqqalara əl atmısınız! Görün nə deyirəm…
Ancaq Foderingey cənab Uinçin nə dediyinə qulaq asmalı olmadı. Başa düşmüşdü ki, qiymətli sirrini deməklə özünü ələ verib. Qəzəb ona güc verdi. O, polisə tərəf addımlayıb hiddətlə bağırdı:
– Bu qədər dözdüm, yetər! İndi sizə axmaq hoqqanı göstərərəm! İtil cəhənnəmə! Haydı!
Bunu deyən kimi polis yox oldu, o, tək qaldı.
Foderingey başqa heç bir möcüzə eləmədi, hətta çiçəklənmiş çəliyinin də hara yoxa çıxması onu maraqlandırmadı. Qorxmuş və kirimiş halda evə qayıdıb birbaşa yataq otağına keçdi.
– İlahi! – deyə mızıldandı. – Necə də güclü qabiliyyətdir! Hər şeyə qadirdir! Mən heç də bunu istəmirdim… Maraqlıdır, görəsən, cəhənnəm necə olur?..
Çəkmələrini çıxarmaq üçün yataqda oturdu, elə bu an ağlına yaxşı bir fikir gəldi, o, polisi San-Fransiskoya yolladı, sonra da hadisələri öz təbii axarına buraxıb qəmgin halda yatağına uzandı. Gecə yuxusuna qəzəbli Uinç girmişdi.
Ertəsi gün Foderingey iki maraqlı xəbər eşitdi: birincisi – cənab ata Homşotun Laddaborou-roud küçəsindəki evinin qarşısında kimsə gözəl qızılgül kolu əkmişdi, ikincisi – yoxa çıxmış polis Uinçin cəsədini tapmaq üçün Roudinqin dəyirmanının yanınadək, bütün çayboyu axtarışa hazırlıq gedirdi.
Bütün günü Foderingey fikirli olduğundan bəzi xırda-para möcüzələri nəzərə almasaq, elə bir əhəmiyyətli xariqə yaratmadı. Bununla belə, Uinçlə bağlı bir neçə kiçik sərəncamı oldu, bundan başqa, narahat fikirlərin arı sürüsü kimi başında uğuldamasına baxmayaraq, möcüzənin köməyi ilə gündəlik öhdəliyini də nöqsansız yerinə yetirdi. Onun adətdən kənar dalğınlığı və ruh düşkünlüyü ətrafdakılar tərəfindən də aydın sezildiyindən zarafat hədəfinə çevrilmişdi. O isə ancaq Uinç barəsində fikirləşirdi.
Bazar axşamı o, kilsəyə yollandı; müəmmalı, mistik hadisələrlə maraqlanan cənab Meydiq elə bil qəsdən “qanundankənar əməllər” haqqında moizə oxuyurdu. Foderingey kilsəyə həvəslə gələn adamlardan deyildi, amma onun hekayənin əvvəlində qeyd etdiyim möhkəm şəkkaklığı artıq əhəmiyyətli dərəcədə sarsılmışdı. Moizənin mətni onun son günlərdə aşkar olunmuş qabiliyyətini tamamilə yeni şəkildə işıqlandırdığından belə qərara gəldi ki, cənab Meydiq işini qurtarandan sonra məsləhət almaq üçün ona yaxınlaşsın. Bu qərara gələndə özü də məəttəl qaldı ki, niyə indiyəcən bu barədə fikirləşməyib.
Arıq, əsəbi, uzun boğazı və uzun barmaqları olan cənab Meydiq dinə biganə qaldığı bütün şəhərə məlum olan bu cavan oğlanın onunla təklikdə danışmaq üçün icazə istəməsindən açıq-aşkar məmnun oldu. Ona görə də işini bitirər-bitirməz Foderingeyi otağına gətirdi (onun evi kilsəyə bitişik idi). Qonağına rahat oturmağa yer göstərib özü də çırtıltı ilə yanan buxarının qabağında dayanıb ziyarətinin səbəbini soruşdu. Bu vəziyyətdə onun ayaqlarının divara düşmüş kölgəsi nəhəng Rodos heykəlinə[10 - Rodos heykəli – Yunanıstanın liman şəhəri olan Rodosda (Egey dənizinin sahilində) antik dövrlərdə qoyulmuş heykəl; qədim əsatirlərdəki günəş allahı Heliosun şərəfinə e.ə. 292-280-cı illərdə qoyulub. Dünyanın yeddi möcüzəsindən biridir.] bənzəyirdi.
Foderingey əvvəlcə karıxıb qaldı, sözə necə başlayacağını bilmirdi, bir neçə anlıq “Çətin ki mənə inanasınız, cənab Meydiq” və bu səpkili ifadələrlə mızıldandı. Sonra cəsarətini toplayıb ondan möcüzələr barəsində nə düşündüyünü soruşdu. Elə cənab Meydiq də çaşqın halda “Bilirsinizmi…” – deyə-deyə qalanda Foderingey onun sözünü yarıda qoyub dedi:
– Məncə, siz inanmazsınız ki, ən adi insan, məsələn, elə qarşınızda əyləşmiş mənim kimi biri öz daxili qabiliyyəti, iradəsinin qüdrəti hesabına istənilən xariqəni yaratsın.
– Bu, mümkün olan şeydir, – Meydiq dilləndi, – Bəlkə də, buna bənzər hadisələr mümkündür…
– Əgər sizə aid hansısa bir əşyadan istifadə etməyimə icazə versəniz, bunu əyani olaraq sizə göstərə bilərəm, – Foderingey dedi. – Bax elə götürək stolun üstündəki o tütün bankasını… Onu nəyəsə döndərməyim möcüzə hesab oluna bilərmi? Bircə dəqiqə, cənab Meydiq, – deyə qaşlarını çatıb barmağını bankaya tuşlayaraq əmr verdi.
– Bənövşə qoyulmuş güldana çevril!
Tütün bankası əmri itaətlə yerinə yetirdi. Bunu görcək cənab Meydiq içini çəkərək gah möcüzə yaradana, gah da güldana baxa-baxa yerindəcə donub-qaldı. Matı-qutu qurumuşdu. Nəhayət, özünü ələ alıb stolun üstünə əyilərək bənövşələri iylədi. Onlar sanki indicə dərilmişdi; çox gözəl görünürdülər. Sonra çevrilib yenidən gözlərini sehrbaza zillədi.
– Bunu necə etdiniz? – deyə soruşdu.
Foderingey bığlarını dartışdırıb:
– Sadəcə, əmr etdim və budur! Mən də bunu bilmək istəyirəm: bu nədir, möcüzə, yoxsa qara magiya? Ya da tamamilə başqa bir şeydir? Mənə nə olub, necə fikirləşirsiniz? Bax elə bu barədə sizinlə danışmaq istəyirdim.
– Baş verənlər olduqca qeyri-adidir!
– Bir həftə bundan qabaq mən özüm də belə bacarığa malik olduğumu bilmirdim. Yəqin ki, mənim qüdrətimin qəribə xüsusiyyətləri var, bundan artıq heç nə bilmirəm.
– Siz elə bircə bunu etməyə qadirsiniz? Başqa heç nə edə bilmirsiniz?
– Nə danışırsınız?! Nə qədər deyirsiniz möcüzə yaradım! – Foderingey ucadan dedi. – Ürəyiniz nə istəyirsə…
Bunu deyib fikrə getdi, nə vaxtsa şahidi olduğu fokusu yadına saldı.
– Bax budur! – o, əlini uzatdı. – Balıqla doldur! Yox, belə yox… Su dolu şəffaf akvarium ol, içində də qızılbalıqlar üzsün! Belə daha yaxşıdır. Görürsünüzmü, cənab Meydiq?
– Heyrətamizdir, inanılmazdır! Ya da siz qeyri-adisiniz! Amma nə bilim…
– Bu güldanı nəyə desəniz çevirə bilərəm, – Foderingey dedi. – Nəyə desəniz… Baxın: tez göyərçinə çevril!
Dərhal göyümtül bir göyərçin pırıltı ilə otaq boyunca uçmağa başladı və hər dəfə yanından ötdükcə cənab Meydiqi aşağı əyilməyə vadar etdi.
– Yerində don! – Foderingey əmr verməyi ilə göyərçin havada donub-qaldı. – Mən onu yenidən çiçək dolu güldana çevirə bilərəm, – deyərək göyərçini stolun üstünə qoyub bu möcüzəni də həyata keçirdi.
– Yəqin, bir azdan qəlyan çəkmək istəyəcəksiniz, – deməklə güldanı yenidən ilkin vəziyyətinə – tütün bankasına döndərdi.
Cənab Meydiq dinməzcə istənilən bəlağətli nitqdən qüdrətli olan sonuncu çevrilməni də izlədi. Təəccübündən böyümüş gözləri ilə Foderingeyə baxaraq ehtiyatla tütün bankasını qaldırdı, diqqətlə onu gözdən keçirib yenə də yerinə qoydu.
– Hm… Belə! – yalnız bunu deyə bildi.
– Düşünürəm ki, indi niyə bura gəldiyimi izah etmək asan olar… – deyərək Foderingey “Uzun əjdaha” barından başlayaraq son günlərdə baş vermiş qəribə hadisələri qatma-qarışıq halda danışmağa başladı. Gah ordan, gah burdan söz salır, arada polis işçisi Uinçin başına gələnlərdən danışır və dinləyicini daha da çaş-baş salırdı. Danışarkən cənab Meydiqin heyrətindən yaranmış məğrurluğu yoxa çıxdı və o, yenidən hamının tanıdığı adi Foderingey oldu. Cənab Meydiq isə əlində tütün bankasını sıxaraq diqqətlə qulaq asır, üzünün ifadəsi getdikcə dəyişilirdi. Foderingey üçüncü yumurta ilə bağlı möcüzəsinə çatanda keşiş titrəyən əlini qaldıraraq onun sözünü kəsdi.
– Bu, mümkündür! – deyə ucadan bildirdi. – Ehtimal oluna bilər. Əlbəttə, heyrətamizdir, ancaq bəzi müəmmalı halları izah etməyə imkan verir. Möcüzə yaratmaq qabiliyyəti bir vergidir; dahilik və ya öngörücülük kimi xüsusi haldır. İndiyədək bu çox nadir hallarda, istisna insanlarda rast gəlinib. Amma hazırkı vəziyyətdə… Məni həmişə Məhəmməd peyğəmbərin, hind yoqlarının və xanım Blavatskayanın[11 - Yelena Petrovna Blavatskaya (1831-1891) – ABŞ vətəndaşı olan rus okultisti, mediumu, həmçinin yazıçı və səyyahı] yaratdığı möcüzələr heyrətə gətirib. İndi hər şey aydın oldu. Əlbəttə, bu, xüsusi vergidir! Bütün bunlar necə də mükəmməl şəkildə dahi mütəfəkkirimizin mülahizələrini təsdiqləyir, – cənab Meydiq səsini qısdı, – əlahəzrət Arqayl hersoqunu[12 - Arqayl hersoqu – Böyük Britaniya kraliçası Viktoriya Vindzorun (1819-1901) kürəkəni: qızı şahzadə Luizanın (1848-1939) həyat yoldaşı Con Kempbel (1845-1914) nəzərdə tutulur.] nəzərdə tuturam. Burada biz adi təbiət qanunlarından daha dərin sirlərə nüfuz edirik. Belə… Davam edin… buyurun!
Foderingey bu dəfə cənab Uinçlə bağlı xoşagəlməz hadisəni danışdı, amma az əvvəlki ehtiram dolu heyrətini və qorxusunu unutmuş keşiş tez-tez təəccüblü nidalar və hərəkətlərlə onun sözünü kəsirdi.
– Bax elə məni də ən çox narahat edən budur, – Foderingey davam elədi, – elə məhz bu məsələ ilə bağlı sizdən məsləhət almaq istərdim. Uinç indi San-Fransiskodadır, dəqiq harasında olduğunu bilməsəm də, orada olduğuna əminəm. Nəticədə hər ikimiz – o da, mən də çətin vəziyyətə düşmüşük. Başa düşürsünüz, ona, əlbəttə ki, nə baş verdiyini anlamaq çox çətindir! Aydındır ki, o qorxub və hirsindən dəliyə dönüb; mənimlə tezliklə hesablaşmağa can atır. Əminəm ki, bütün bu vaxt ərzində o, San-Fransiskodan çıxıb bura qayıtmağa cəhd edir, mənsə yadıma düşdükcə hər iki-üç saatdan bir onu geri yollayıram. Əlbəttə, polis nə olduğunu dərk eləmir və sözsüz ki, bu onu daha da hiddətləndirir. Nəzərə alsaq ki hər dəfə geri qayıtmaq üçün bilet alır, onda nə qədər pul xərclədiyini də təxmin etmək çətin olmaz. Mən onun üçün əlimdən gələni etmişəm, amma ona da özünü mənim yerimə qoymaq və məni anlamaq asan deyil. Bir də onu fikirləşirəm ki, əgər cəhənnəm bizim təsəvvür etdiyimiz kimi bir yerdirsə, onda gərək polisi ordan çıxarıb San-Fransiskoya göndərəndə pal-paltarı yanmış olsun!.. Belə olduğu halda onu bu görkəmdə görən San-Fransisko polisi yazığı həbsxanaya basa bilər. Ona görə də tez əmr verdim ki, Uinçin əynində təzə kostyum olsun. İndi özünüz görürsünüz mən necə dolaşıb qalmışam?
Cənab Meydiq üz-gözünü turşutdu.
– Hə, başa düşürəm. Çox müşkül bir vəziyyətdir. Necə çıxış yolu tapa bilərdiniz?.. – o, bir neçə ala-yarımçıq, heç bir nəticəyə varmayan ifadə işlədib sonra da onu daha çox maraqlandıran mətləbə keçdi. – Gəlin bir müddətlik Uinç barəsində unudaq və daha geniş məsələni müzakirə edək. Düşünmürəm ki, sizin qabiliyyətiniz qara magiya və ya buna bənzər bir şeydir. Onu da ağlım kəsmir ki, cənab Foderingey, sizin bu bacarığınızda nəsə cinayət əməli olsun, əlbəttə, əgər bəzi mühüm faktları məndən gizlətmirsinizsə… Yox, bu, möcüzədir, özü də xalis möcüzədir! Hətta deyərdim ki, yüksək dərəcəli xariqədir!
O, əl-qolunu ölçə-ölçə xalçanın üstündə gəzişməyə başladı. Foderingey isə qayğılı halda stolun arxasında oturub əlini yanağına dayadı.
– Heç bilmirəm Uinçlə neyləyim, – deyə mızıldandı.
– Sizin verginiz möcüzələr yaradır. Bu qüdrətli verginiz mütləq Uinçin məsələsini həll etməyə sizə kömək edəcək, – deyərək Meydiq əlavə etdi. – Əziz cənab, siz ki tamamilə istisna insansınız! Əlinizdə heyrətamiz imkanlar var! Elə az əvvəl etdiklərinizi götürək. Başqa məsələlərdə də… istəsəniz çox şey edə bilərsiniz.
– Bəli, mən artıq bəzi şeylər düşünmüşəm, – Foderingey dedi. – Amma hər şey də istədiyin kimi alınmır axı! Yadınızdadırmı, bu balıq necə əmələ gəldi? Nə bu, nə də o qabdan çıxdı. Odur ki bir kimsə ilə məsləhətləşməyə ehtiyacım var…
– Tamamilə təqdirəlayiq qərardır! – cənab Meydiq yenə onun sözünü ağzında qoydu. – Lap yaxşı düşünmüsünüz, alqışlanmalı qərardır!
Bir anlıq susub Foderingeyə baxdı.
– Mahiyyətcə sizin bacarığınız sərhədsizdir. Gəlin sizin gücünüzü yoxlayaq, görək doğrudanmı düşündüyümüz qədər qüdrətlidir?
Beləliklə, bəlkə də, inanılmaz görünəcək, amma 1896-cı il 10 noyabr – bir bazar günündə kilsənin arxasına bitişik evin otağında cənab Meydiq tərəfindən ruhlandırılmış və qızışdırılmış Foderingey möcüzələr yaratmağa başladı. Oxuculardan xahiş edirik ki, tarixə diqqət yetirsinlər. Siz, əlbəttə, etiraz edə bilərsiniz ki, bu hekayətin bəzi detalları həqiqətəuyğun deyil; düşünürsünüz ki, əgər bütün bunlar doğrudan da baş veribsə, onda bu barədə bir il bundan qabaq qəzetlərdə yazardılar. Xüsusilə də oxuculara hekayətin sonrasında deyilənlər inanılmaz görünəcək; fərz etsək ki, əgər bu, həqiqətən də, baş verib, onda oxucular gərək etiraf etsinlər ki, təxminən bir ildən də çox müddət əvvəl onlar özləri tamamilə qeyri-adi şəraitdə, zorakı ölümlə dünyasını dəyişiblər. Möcüzənin özü elə inanılmaz şey deməkdir də!.. Yoxsa o, möcüzə olmazdı ki! Belə çıxır ki, hekayətin doğruluğuna inanmayan oxucunun özü həqiqətdə ölüb gedib ki, bütün bu baş verənlərdən xəbərsizdir. Hadisələrin sonrakı şərhindən bu hər sağlam məntiqli oxucu üçün aydın və aşkar olacaq. Amma indi hekayənin sonuna gəlmək hələ tezdir, elə təzəcə ortasına gəlib çatmışıq.
Cənab Foderingey əvvəlcə ürək eləməyib xırda möcüzələr yaradırdı: elə teosofların möcüzələri kimi seyrək olan müxtəlif mənasız oyuncaqlar və qablarla necə gəldi hoqqalar çıxardırdı. Bu arada isə Foderingeyin müttəfiqi ona ehtiram dolu qorxu ilə tamaşa edirdi. Əslində, Foderingey polis Uinçin məsələsini yoluna qoymağa üstünlük verirdi, amma hər dəfə cənab Meydiq onu fikrindən yayındırırdı. Elə ki müttəfiqlər saysız-hesabsız belə boş-boş məişət möcüzələri fikirləşib yaratdılar, öz güclərinə olan inamları artdı, təxəyyülləri coşdu və daha da cəsarətli xariqələrə həvəsləndilər.
İlk belə əhəmiyyətli möcüzələrdən biri getdikcə artan aclıq hissi və cənab Meydiqin təsərrüfat müdirəsi, missis Minçin tənbəlliyindən irəli gəldi. Keşişin Foderingeyi dəvət etdiyi şam yeməyi, sözsüz ki, başdansovdu hazırlanmışdı və bu da iki çalışqan möcüzəkara çox dadsız-duzsuz gəldi. Elə süfrə arxasında cənab Meydiq xidmətçisinin çatışmazlığından təəssüflə, hətta əsəbiliklə gileylənəndə Foderingeyin ağlına gəldi ki, yeni bir möcüzəyə ehtiyac yaranıb.
– Cənab Meydiq, mənim tərəfimdən kobudluq hesab etməzsiniz ki, əgər mən…
– Əziz Foderingey, əlbəttə ki yox! Mənim, sadəcə, ağlıma gəlməmişdi…
Cənab Foderingey böyük bir jest elədi.
– Nə sifariş verəcəyik? – elə bir tonda dedi ki, qarşısındakı çəkinmədən, özünü heç bir şeydən məhrum etmədən istəklərini bildirsin.
Cənab Meydiqin arzusuna uyğun olaraq şam yeməyinin menyusu əsaslı şəkildə gözdən keçirildi.
– Mənə gəlincə, – Foderingey Meydiqin seçdiyi yeməklərə nəzər salıb dedi, – mən bir parç porter[13 - Porter – şərab qatılmış tündrəngli pivə; ingilis dilində porter – hambal, yükdaşıyan deməkdir. Bu söz içki ilə əlaqədar birbaşa mənada işlənilir. Belə ki, porter içkisi ağır yeməklərlə qəbul olunur, başqa sözlə, mədənin yükünü daşıyır.] və yağda qızardılmış pendirli çörəyə üstünlük verərdim. Elə bunu da sifariş verəcəyəm. Burqund yeməkləri damaq dadıma uyğun deyil.
Elə həmin anda onun əmri ilə süfrədə bir parç porter və yağda qızardılmış pendirli çörək peyda oldu. Onlar süfrə arxasında yaradılacaq cürbəcür möcüzələrdən danışaraq (Foderingey bunu xoş təəccüblə qeyd edirdi) xeyli müddət oturdular.
– Yeri gəlmişkən, cənab Meydiq, mən, hər halda, evlə bağlı sizə kömək edə bilərəm…
– Nə demək istədiyinizi elə də yaxşı anlamadım, – Meydiq möcüzəvi şəkildə masada peyda olmuş köhnə burqund şərabından qədəhinə süzə-süzə dedi.
Cənab Foderingey hansısa görünməz bir boşluqdan ikinci porsiya qızardılmış pendirli çörək götürüb yeməyə girişdi.
– Güman edirəm ki, – deyə sözə başladı, – missis Minçin çatışmazlıqlarını düzəltmək üçün möcüzə edə bilərəm, – bir-birinə toqquşan qədəhlərin cingiltisi eşidildi. Meydiq qədəhini masanın üzərinə qoydu. Üzündə şübhə ifadəsi sezilirdi.
– O, kiminsə onun işinə qarışmasını xoşlamır. Bundan başqa, indi saat on ikidir, yəqin ki, artıq yuxuya gedib. Ümumiyyətlə götürəndə buna dəyərmi?..
Cənab Foderingey bu etirazı bir daha götür-qoy elədi.
– Niyə də onun yatmasından istifadə etməyək?
Əvvəlcə cənab Meydiq razılaşmadı, axırda yola gəldi. Onda Foderingey lazımi göstərişlərini verdi və süfrə yoldaşları əvvəlki dincliklə olmasa da, yenidən şam yeməyinə girişdilər. Cənab Meydiq öz təsərrüfat müdirəsinin xasiyyətində görmək istədiyi faydalı dəyişiklikləri elə nikbinliklə sadalamağa başladı ki, hətta bu, şam yeməyini bitirmiş Foderingeyə belə işgəncəli və coşqun göründü. Elə bu an yuxarı mərtəbədə nəsə qeyri-müəyyən bir hay-küy eşidildi. Onların sual dolu baxışları bir-birinə toqquşdu və Meydiq tələsik yuxarı qaçdı. Foderingey Meydiqin öz xidmətçisini necə hayladığını, sonra da ehtiyatlı addımlarla pilləkənləri qalxdığını eşitdi. Bir neçə dəqiqədən sonra keşiş yüngül yerişlə otağa qayıtdı, onun üzü işıq saçırdı.
– Təəccüblüdür, – deyə ucadan dedi, – həm də təsirlidir! Yüksək dərəcədə təsirlidir!
Buxarının qabağındakı xalçanın üzərində var-gəl etməyə başladı.
– Peşmançılıq, ən təsirli peşmançılıq… Qapının deşiyindən baxırdım… Zavallı! Həqiqətən də, heyrətamiz dəyişiklikdir! O artıq oyanıb. Güman ki, dərhal yerindən qalxıb, bilərəkdən oyanıb ki, sandıqçada gizlədilmiş konyak şüşəsini sındırsın. Sonra da bunu etiraf etdi! Axı bu fakt onu göstərir ki… bu bizim qarşımızda görünməmiş imkanlar açır. Əgər biz hətta belə bir qadında dəyişiklik etməyə nail olduqsa…
– İmkanlarımız, görünür, sərhədsizdir, – Foderingey qeyd etdi. – O ki qaldı cənab Uinçə…
– Şübhəsiz ki, imkanlar sərhədsizdir, – Meydiq xalçanın üstündə gəzişə-gəzişə polisin məsələsinə əhəmiyyət verməyib ağlına gələn heyrətamiz planları Foderingeyin qarşısında sadalamağa başladı. Bu planların necə olursa-olsun bizim hekayətin mahiyyəti ilə birbaşa əlaqəsi yoxdur. Bunu demək kifayətdir ki, bütün bu planlar sonsuz xeyirxahlıq aşılayırdı. Bu qəbildən olan xeyirxahlığı yeməkdən sonra toxqarına yaxşılıqlar sırasına qatmaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, polis Uinçin problemi elə həll edilməmiş də qaldı. Sadalanan planların nə dərəcədə dərinə getdiyini dəqiqləşdirməyə ehtiyac yoxdur. İstənilən halda heyrətamiz dəyişikliklər baş verdi.
Gecənin bir aləmində cənab Meydiq və Foderingey möcüzə yaratma qabiliyyətindən cuşa gələrək ay işığında soyuq bazar meydanında dolaşırdılar. Cənab Meydiq əl-qolunu oynatdıqca sürtükünün ətəkləri yellənirdi, ondan boyca balaca olan Foderingey isə daha öz qüdrətindən çəkinmədən məğrurcasına yanında addımlayırdı.
Onlar ətrafdakı bütün əyyaşları islah etdilər, bütün pivə və digər spirtli içkiləri suya çevirdilər (bu məsələdə Foderingey etiraz etsə də, Meydiq dediyinin üstündə inadla durdu). Sonra bütün yerli dəmir yolu problemlərini aradan qaldırıb əhəmiyyətli dərəcədə yaxşılaşdırdılar, Flinder bataqlığını qurutdular, Tənha ağac dərəsindəki yamacların torpaqlarını münbitləşdirdilər, anqlikan kilsəsinin keşişinin çənəsindəki ziyili çıxartdılar. Sonra Cənub körpüsünün çürümüş dirəklərini yeniləmək məsələsini də gözdən keçirməyi qərara aldılar.
– Sabah şəhər tanınmaz halda olacaq! – cənab Meydiq sevincindən boğula-boğula dedi. – Hər kəs necə də heyrətlənib qürrələnəcək!
Bu məqamda kilsə zəngləri gecə saat üçü vurdu.
– Gör ha! – Foderingey qışqırdı. – Saat artıq üçdür. Evə getməliyəm. Saat səkkizdə idarədə olmalıyam, bundan başqa, missis Uims…
– Biz hələ təzə başlayırıq! – hüdudsuz qüdrətin şirin duyğularına dalmış cənab Meydiq etiraz etdi. – Bir fikirləşin, nə qədər xeyirxahlıq etmişik! Sabah hamı oyananda…
– Axı… – Foderingey sözə başlamaq istəyirdi ki, Meydiq qəflətən onun əlindən yapışdı. Keşişin gözləri həyəcanla parlayırdı.
– Mənim əziz dostum! – o dedi. Tələsməyə nə gərək var? Bir baxın! – deyə o, başı üzərində süzən ayı göstərdi. – İsa Navin[14 - İsa Navin (Yeşua bin Nun) – Musa peyğəmbərin varisi, davamçısı; Tövrat və İncilə görə, Musa peyğəmbərin ölümündən sonra yəhudilərin hamisinə çevrilmiş Navin xalqını qorumaq üçün düşmənlərlə döyüşəndə Allahın ona verdiyi qüdrətlə günəşin və ayın hərəkətini dayandırıb ki, düşmən qaranlıqda görməyib məğlub olsun.] kimi edin!
– İsa Navin? – Foderingey təkrar soruşdu.
– Bəli, – Meydiq dedi, – niyə də yox! Ayı dayandırın!
Foderingey aya baxdı.
– Bu lap ağ olar! – deyə mızıldanıb susdu.
– Axı niyə? – keşiş soruşdu. – Ancaq onsuz da o dayanmayacaq: siz, sadəcə, Yer kürəsinin dövr eləməsini dayandırın ki, qoy zaman da dayansın. Biz ki heç kimə pislik etmirik!
– Hm! – Foderingey dedi. – Nə deyirəm ki… – deyə ah çəkdi. – Cəhd edərəm. Bax…
O, pencəyini axıradək düymələyib Yer kürəsinə bacardıqca sərt və əminliklə müraciət edərək əmr verdi:
– Fırlanmağı kəs! Eşidirsən?
Elə həmin anda o, bir dəqiqədə onlarca mil sürətlə təpəsi üstə boşluğa yuvarlandı. Saniyəbaşı havada dövrə vurmasına baxmayaraq, düşünmək qabiliyyətini itirməmişdi. Axı fikir – çox heyrətamiz şeydir: o gah qatran kimi yavaş-yavaş axır, gah da şimşək kimi bir anda çaxır!
Bir neçə saniyə götür-qoy edən Foderingey əmr etdi:
– Qoy mən sağ-salamat yerə enim! Hər nə olursa-olsun, mən yerin üstündə salamat qalım!
O bu əmri vaxtında vermişdi, çünki sürətli uçuşun nəticəsində onun paltarı qızıb közərməyə başlamışdı. Foderingey şappıltı ilə yerə dəydi, amma zərbənin gücünə baxmayaraq, heç bir yeri zərər görmədi, çünki yerin təzə qazılmış, yumşaq hissəsinə düşmüşdü. Bazar meydanının saat qülləsinə bənzəyən nəhəng daş və metal yığımı onun yaxınlığında uçub dağıldı və daşdan, kərpicdən, suvaqdan ibarət hissələri sıçrayaraq hər tərəfə dağıldı, elə bil bomba partlamışdı. Havada uçan inək divarın bir hissəsinə möhkəmcə çırpılaraq yumurta kimi əzildi. Sonra qulaqbatırıcı gurultu eşidildi: bütün ömrü boyu eşitdiyi gurultular bu səsin yanında yatan tozun xışıltısına bənzəyirdi. Ardınca daha bir neçə nisbətən zəif gurultu eşidildi. Elə güclü külək əsirdi ki, Foderingey ətrafına baxmaq üçün çətinliklə başını qaldırırdı. Ancaq həddindən artıq karıxıb özünü itirdiyindən harada olduğunu, nə baş verdiyini dərk edə bilmirdi. Ağlına gələn ilk o oldu ki, əlini atıb başını yoxladı, küləkdə dalğalanan saçlarının yerində olduğunu görüb arxayınlaşdı.
– İlahi! – Foderingey küləkdən boğula-boğula, güclə dilləndi. – Bir az da belə davam eləsə, başımı itirəcəyəm! Nəsə yanlış oldu. Tufan və ildırım baş verdi. Halbuki bir neçə dəqiqə əvvəl necə sakit gecə hökm sürürdü. Məni bu işə şirnikləndirən Meydiq oldu! Küləyə bax da! Belə böyük xətalara davam eləsəm, axırı pis qurtaracaq! Meydiq haradadır? Gör aləm bir-birinə necə qarışıb!
Pencəyinin küləkdə yellənib-qalxan ətəklərindən imkan tapıb yan-yörəsinə boylandı. Ətrafda hər şey çox əcaib görünürdü.
– Hər halda, səma yerindədir, – o dedi. – Amma başqa şeylər haqqında bunu deyə bilmərəm. Elə səmanın özü də elə görünür ki, elə bil qasırğa yaxınlaşır. Ay əvvəlki kimi başımızın üstündə asılıb. Lap elə bir neçə dəqiqə qabaq olduğu kimi… Hava günün günortaçağındakı kimi işıqlıdır. Bəs qalan şeylər hanı?! Şəhər necə oldu? Hanı? Hər şey hara yoxa çıxıb? Bir də nəyə görə güclü külək əsməyə başladı, mən ki qasırğa sifariş verməmişdim?!
Bir neçə uğursuz cəhddən sonra Foderingey birtəhər qalxıb əlləri və ayaqlarını torpağa möhkəm dayayaraq dördayaqlı vəziyyətdə dayandı. O, parlaq ay işığına qərq olmuş dünyaya külək əsən tərəfdən baxmağa başladı, tərsinə çevrilmiş pencəyi isə başının üzərində şappıldayırdı.
– Hə, nəsə dünyada pozulub, – deyə donquldandı, – amma bunun nə olduğunu bir Allah bilir!
Hər tərəf ayın ağımtıl, parlaq işığına, vıyıldayan küləyin qaldırdığı toz buludlarına bürünmüşdü, yalnız yerin dağıntılara qarışmış bir hissəsini ayırd etmək mümkün idi: nə ağacları, nə binaları, nə də adət etdiyi heç nəyi sezmək olmurdu; burulğanın qaranlığında itib-batan xaosdan, ildırımdan, yaxınlaşan qasırğadan başqa heç nə görünmürdü. Çaxan ildırımın işığında Foderingey qarşısında biçimsiz talaşa yığını gördü: halbuki bir müddət əvvəl qarağac idi, indi isə köklərindən budaqlarına qədər parçalanmışdı. Bir qədər aralıda isə dağıntılar arasından əyilmiş və burulmuş dəmir dirəklər görünürdü: başa düşdü ki, bu, dəmir körpünün qalıqlarıdır.
Məsələ burasındadır ki, cənab Foderingey nəhəng planetin oxu ətrafında dövr etməsini dayandırarkən onun səthindəki hərəkət edən müxtəlif cisimləri nəzərə almamışdı. Lakin Yer kürəsi öz mehvərində əslində elə sürətlə fırlanır ki, onun ekvatordakı səthi bir saatda min mildən artıq məsafə qət edir (bizim genişlik anlamımızda beş yüz mildən artıq). Ona görə də dünya dayanan kimi həm şəhər, həm Foderingey və Meydiq – hər şey istisnasız olaraq bir saniyədə təxminən doqquz mil sürətlə, yəni güllənin uçuşundan da dəfələrlə sürətli şəkildə yerindən qopub uçmuşdu. Və hər bir insan, canlı varlıq, hər bir ağac, bina, bir sözlə, Yer üzündə mövcud olan bütün cisimlər yerindən qoparaq uçub, dağılıb məhv olmuşdu. Vəssalam!
Əlbəttə, Foderingey nə baş verdiyini anlaya bilməzdi. Amma dərk edirdi ki, bu dəfə uğursuzluğa düçar olub, buna görə də qəlbində hər cür möcüzəyə nifrət duydu. İndi o, tamamilə qaranlıqda qalmışdı, çünki buludlar toplaşıb ayın qabağını tutmuşdu. Yağan dolunun sürətli zolaqları işgəncə verirmiş kimi havada səyirir və sovrulurdu. Küləyin qulaqbatırıcı uğultusu və sel dünyanı bürümüşdü. Foderingey gözlərini ovucları ilə örtüb küləyin əsdiyi səmtə boylanaraq ildırımın işığında ona yaxınlaşan nəhəng su dalğasını gördü.
– Meydiq! – Foderingeyin zəif səsi azğın tufanın gurultusunda əridi. – Ey, Meydiq!.. Dayan! – üzünü yaxınlaşan dalğaya tutub qışqırdı. – Dayan! Allah xatirinə yaxınlaşma!
Sonra ildırım və tufandan xahiş elədi:
– Bir dəqiqə dayanın! İmkan verin fikrimi cəmləyim. İndi nə edim?! Axı nə edim? İlahi! Heç olmasa, Meydiq burda olsaydı… Bildim! – birdən Foderingey bağırdı. – Bircə, Allah xatirinə bu dəfə qarışıqlıq olmadan keçinək.
Hələ də üzü küləyə doğru dördayaqlı vəziyyətdə dayanıb gərgin halda düşünürdü ki, ən xırda yanlışa yol vermədən vəziyyəti necə düzəltsin.
– Budur, – nəhayət, dedi, – indi əmr edəcəyim hər nə varsa yalnız sonda “Haydı” deməklə həyata keçsin! İlahi! Axı niyə daha əvvəl bu barədə düşünməmişəm?
O, tufanın uğultusundan daha bərkdən çığırmağa cəhd etdi; öz səsini yaxşı eşitməkdən ötrü daha yüksək səslə bağırdı:
– Beləliklə… başlayıram. İndicə dediklərimi unutma! Əvvəla, istədiklərimin hamısı yerinə yetəndən sonra qoy möcüzə yaratmaq qabiliyyətimi itirim, qoy mənim iradə qüvvəm adi insanlardakı kimi olsun. Qoy bütün bu təhlükəli möcüzələrə son qoyulsun. Bütün bunlar heç xoşuma gəlmir. Kaş ki onları yaratmayaydım! İkincisi – qoy mən bu möcüzələrin hələ baş vermədiyi o zamana qayıdım, hər şey o lənətə gəlmiş lampanın çevrilməsindən əvvəlki vəziyyətə düşsün. Bu çox çətin tapşırıqdır, ancaq əvəzində sonuncudur. Aydındır? Daha heç bir möcüzə olmasın, hər şey əvvəlki kimi olmalıdır və mən “Uzun əjdaha” barında öz içkimi içəndən sonrakı vaxta düşmək istəyirəm. Vəssalam! – deyə o, barmaqlarını bir az da yerə batırıb gözlərini qıyaraq qışqırdı: – Haydı!
Hər şey tamamilə sükuta qərq oldu. Foderingey hiss etdi ki, ayaq üstə dayanıb.
– Bu sizə elə gəlir, – deyə kimsə dedi.
Foderingey gözlərini açdı. O, “Uzun əjdaha” barında idi və Toddi Bimişlə möcüzə barəsində mübahisə edirdi. Onun hafizəsində nəsə çox vacib bir şeylə bağlı xatirə parladı, amma dərhal da sönüb yoxa çıxdı.
Görürsünüzmü, əgər Foderingeyin möcüzə yaratmaq qabiliyyətinin itirilməsini nəzərə almasaq, qalan hər şey əvvəlki vəziyyətinə döndü. Nəticə etibarilə onun hafizəsi və ağlı da bu əhvalat baş verməmişdən öncəki halına qayıtdı. Beləliklə, burda danışılan hər şey indiyədək də ona naməlum olaraq qalır. Sözsüz ki, elə əvvəlki kimi də möcüzəyə inanmır.
– Mən iddia edirəm ki, müasir zamanda möcüzə-filan olmur, siz nə deyirsiniz deyin, bunu sizə qəti şəkildə sübut etməyə hazıram.
– Sizə elə gəlir, – Toddi Bimiş etiraz etdi. – Bacarırsınız, sübut edin!
– Qulaq asın, cənab Bimiş, – Foderingey dedi. – Gəlin əvvəlcə aydınlaşdıraq görək möcüzə nədir. Bu, təbiət qanunları, iradənin gücü ilə uyğun gəlməyən bir şeydir…

DİVARDAKI QAPI

I
Üç ay bundan qabaq, bir axşam vaxtı səmimi şərait yarandığından dostum Lionel Uolles mənə “divardakı qapı” haqqında əhvalat danışmışdı. Ona qulaq asdıqca hekayətinin həqiqiliyinə qətiyyən şübhə etmirdim. O elə səmimi, sadə, adamı ələ alan əminliklə danışırdı ki, ona inanmamaq mümkün deyildi. Amma səhər öz evimdə tamamilə başqa əhvali-ruhiyyədə ayılmışdım. Yatağımda uzanıb onun əhvalatını bir-bir yaddaşımda saf-çürük edərkən artıq dünənki kimi onun həzin səsinin, tələsmədən, ürəkdən deyilən sözlərinin təsirinin altında deyildim. Bəlkə də, yemək süfrəsi arxasında göz-gözə oturanda, abajurla kölgələnmiş lampanın yumşaq işığı altında, otağın bizi əhatə edən xəyali yarıqaranlığında, qarşımızdakı qar kimi ağappaq süfrəyə qoyulmuş desert nimçəsində, rəngarəng şərablar dolu büllur qədəhlərin, gümüş qabların parıltısında, gündəlik həyatdan uzaq olan parlaq, rahat aləmdə bu hekayə daha təsirli alınmışdı. Amma indi adi ev şəraitində bu əhvalat mənə tamamilə inanılmaz görünürdü.
– O məni ovsunlamışdı! – ucadan dilləndim. – Özü də bunu olduqca məharətlə eləmişdi! Bir başqasından deyil, məhz ondan belə bir şey gözləməzdim.
Sonra elə yatağımdaca oturub çayımı içəndə bu həqiqətəuyğun olmayan əhvalatın məndə niyə belə dərin iz buraxdığını, həyəcanverici təəssürat yaratdığını aydınlaşdırmaq istəyirdim. Ağlıma belə bir fikir gəldi ki, bəlkə, dostum yaşadıqlarını başqa cür nəql edə bilmədiyi üçün öz bədii, ifadəli hekayəsində keçirdiyi iztirabları mənə ötürmək, canlandırmaq, bu duyğuları təzələmək (lazımi sözləri tapa bilmirəm) istəyib.
Nə isə… indi belə bir izahata ehtiyac görmürəm. Bütün şübhələrimə artıq son qoymuşam. İndi, Uollesin hekayətinə qulaq asdığım həmin axşam olduğu kimi, onun bütün qüvvəsi ilə mənə hansısa sirr açmaq istədiyinə inanıram. Amma o, həqiqətən də, dediklərini görmüşdümü, ya ona elə gəlmişdi, hər hansı bir nadir, qiymətli bacarığa malik idimi, bəlkə də, təxəyyül oyununun əsarətinə düşmüşdü, bax bunu mühakimə etmək fikrində deyiləm. Hətta onun ölümü belə sonralar bu məsələyə aydınlıq gətirmədi. Qoy oxucunun özü bu barədə qərarını versin!
İndi xatırlamıram ki, bu qaradinməz adamın belə açıq danışmasına nə rəvac vermişdi – mənim təsadüfi iradımmı, yoxsa onu qınamağımmı? Ola bilər ki, mən onu ciddi bir ictimai hərəkatın dəstəklənməsində zəiflik, hətta soyuqluq göstərməkdə və mənim ümidlərimi puça çıxarmaqda ittiham etdim. Birdən o özünü saxlaya bilməyib dilləndi:
– Mənim fikirlərim tamamilə başqa şeydədir… Etiraf etməliyəm, – deyə bir az susub davam elədi. – Mən o halda deyildim… Məsələ burasındadır ki… Bilirsən burda nə ruhların, nə də cin-şeytanın barmağı var… Amma qəribədir ki, Redmond, elə bil tilsimlənmişəm. Məni nə isə izləyir, həyatımı qaraldır, anlaşılmaz qüssə, üzgünlük verir.
Bir anlıq dayandı, utancaqlığa qapıldı, adətən, biz ingilislər hansısa təsirli, kədərli, eyni zamanda gözəl hislər haqqında danışanda belə oluruq.
– Sən axı Sent-Atelsten kollecində kursu tam başa vurmusan?! – qəfil verdiyi sual mənə o anda yersiz göründü. – Belə… – o, yenə də susdu. Az keçmiş əvvəlcə qətiyyətsizliklə, dəqiqəbaşı dili dolaşa-dolaşa, sonra daha səlis və sərbəst şəkildə həyatının sirri barədə danışmağa başladı. Bu, qəlbində tükənməz həsrət və kədər oyadan qeyri-adi, ilahi gözəllik haqqında onu rahat buraxmayan xatirələr idi. Bunların ucbatından bütün dünyəvi işlər, gündəlik qayğılar, kübar cəmiyyətin əyləncələri ona boş, darıxdırıcı və mənasız görünürdü.
İndi, bu müəmmanın açarına sahib olandan sonra, mənə elə gəlir ki, əslində, hər şey onun üzündə yazılmışdı. Məndə onun bir şəkli var. Bu şəkildə həmin qəribə dalğınlığı onun üzündən açıq-aydın oxumaq olar. Xatırlayıram ki, bir dəfə dostumu hərarətlə sevən bir qadın onun haqqında belə demişdi: “Qəflətən o, ətraf mühitə bütün marağını itirir. Yanındakını unudur. Qarşısında olmasına baxmayaraq, elə bil onun üçün heç kim mövcud deyil…”.
Lakin Uolles ətraf mühitə bütün marağını heç də həmişə itirmirdi. Diqqətini bir şeyə cəmləyəndə mütləq uğur qazanırdı. Doğrudan da, onun karyerası parlaq nailiyyətlər silsiləsindən ibarət idi. O məni çoxdan qabaqlamışdı, cəmiyyətdə daha yüksək mövqe tuturdu və mənim hətta arzularıma belə sığmayan ictimai rol oynayırdı.
Onun heç qırx yaşı da yox idi. Deyirlər ki, yaşasaydı, məsul bir vəzifə tutar və Nazirlər Kabinetinin yeni tərkibində yer alardı. Elə məktəbdə də həmişə xüsusi səy göstərmədən məni qabaqlayardı, bu sanki onda öz-özünə alınardı.
Şərqi Kensinqtonda yerləşən Sent-Atelsten kollecində oxuduğumuz illərdə də, demək olar ki, birlikdə olmuşuq. Kollecə daxil olanda biliyimiz eyni səviyyədə idi, amma bitirəndə məndən qat-qat öndə gedirdi. Öz parlaq mühakimə üsulu və istedadlı çıxışları ilə hər kəsi özünə heyran qoyardı, halbuki heç mən də pis oxumurdum. “Divardakı qapı” haqqında ilk dəfə elə məktəb vaxtı eşitmişdim. İkinci dəfə həmin bu qapı haqqında Uollesin ölümünə bir ay qalmış elə özündən dinlədim. İndi mən tamamilə əminəm ki, hər halda, onun üçün “divardakı qapı” həqiqi idi və əbədi, gerçək dəyərlərə doğru aparırdı. Bu onun həyatına çox erkən – təxminən beş-altı yaşında uşaq olarkən daxil olmuşdu. Yadımdadır, sirrini mənə açarkən hadisənin nə vaxt baş verdiyini dəqiqləşdirmək üçün tələsmədən, ciddi tərzdə, ucadan düşünürdü.
– Qarşımda, – deyirdi, – ağ divarın fonunda günorta günəşinin parlaq şüalarının işıqlandırdığı, tünd-qırmızı rəngdə yabanı üzüm salxımı gördüm. Mən onu birdən sezdim, necə baş verdiyini xatırlamıram… Divardakı yaşıl qapının qarşısındakı küçənin təmiz səkisinə atşabalıdı ağacının yarpaqları tökülmüşdü. Başa düşürsən, qəhvəyi, çirkli yox, yaşıl damarlı sarı yarpaqlar idi; görünür, elə təzəcə ağacdan tökülmüşdülər. Güman ki, oktyabr ayı idi. Mən hər il atşabalıdı ağacının yarpaqlarının tökülməsini həvəslə seyr edirəm və bunun necə baş verdiyindən də yaxşı xəbərdaram. Yanılmıramsa, o vaxt beş yaş dörd aylıq olardım.
Uollesin dediyinə görə, o, yaşına görə çox irəli getmiş bir uşaq olub: danışmağa olduqca tez başlayıb, dərrakəsi ilə yaşıdlarından fərqlənib, ətrafdakıların fikrincə, “lap böyük adam kimi” olub, ona görə də başqa uşaqların yeddi-səkkiz yaşlarında əldə edə bildiyi azadlıqdan daha erkən yaşlarında faydalana bilib. İki yaşında ikən anası dünyasını dəyişib və o, çox da ciddi və sərt olmayan dayənin nəzarəti altında böyüyüb. Başı yalnız öz işlərinə qarışmış, sərt və ağır xasiyyətli bir vəkil olan atası oğluna ayırmağa vaxt tapmasa da, onun gələcəyinə çox ümid bəsləyirdi. Mənə elə gəlir ki, zəka və istedadına baxmayaraq, həyat bu oğlan üçün yeknəsəq və darıxdırıcı keçib. Beləliklə, bir gün o gəzməyə yollanıb.
Evdən hansı bəhanə ilə çıxdığını və Şərqi Kensinqtonun hansı küçəsi ilə gəzdiyini dəqiq xatırlamır. Bütün bunlar onun hafizəsindən birdəfəlik silinmişdi. Lakin ağ divar və yaşıl qapının qarşısında peyda olduğunu tamamilə aydın şəkildə xatırlayırdı. Yaxşı yadında idi ki, bu qapını ilk dəfə görən kimi anlaşılmaz həyəcan keçirmişdi. Hansısa qüvvə onu oraya çəkirdi, qeyri-ixtiyari qapını açıb içəri girmək istəyirdi. Bununla bərabər, dumanlı şəkildə hiss edirdi ki, bu duyğuya qapılmaq onun tərəfindən ağılsızlıq, hətta daha da betər olardı. Uolles inandırırdı ki, təəccüblü də olsa, o lap əvvəldən bilirdi ki, qapı kilidli deyil və istədiyi vaxt açıb içəri girə bilər.
Gözümün önündə qapının qabağında dayanmış, gah onu açıb içəri girmək istəyən, gah da kənara çəkilən balaca oğlan canlanır.
Uolles həm də tamamilə ağlasığmaz bir surətdə dərk edirmiş ki, qapıdan içəri girməsinə atası çox qəzəblənəcək. Dostum bütün təfərrüatlarına qədər keçirdiyi tərəddüd hissini mənə danışmışdı. Qapının yanından otərəf-butərəfə keçmiş, balaca oğlanlara xas şəkildə əlini cibinə salıb fit çalmış, sərbəst şəkildə divarboyu dolaşaraq döngəni burulmuşdu. Orada bir neçə köhnə, çirkli dükan gözə dəyirmiş, xüsusilə də su kəməri çəkən və üzlük, divar kağızı vuran ustaların emalatxanalarını yaxşı yadda saxlamışdı; hər tərəfdə tozlu, gil borular, qurğuşun lövhələr, dəyirmi su kranları, divar kağızı nümunələri, boya qabları atılıb qalmışdı. O dayanıb özünü elə göstərirmiş ki, guya bu əşyalara tamaşa edir, əslində isə yaşıl qapıya can atırmış .

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/gerbert-uells/hekay-l-r-68289325/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Gineya (ing. guinea) – Böyük Britaniyada qızıl sikkə; 1663-cü ildə dövriyyəyə buraxılıb. XIX əsrdə tədavüldən çıxarılıb. Bir gineya 21 şillinqə (sikkə) bərabər olub.

2
Kiy – bilyard şarlarını vurmaq üçün çubuq

3
İohann gecəsi (İohann islam dinində Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbərdir. Xristianlığa görə, İsa peyğəmbərin sələfi olub. İnsanları günahlardan təmizləmək üçün müqəddəs suya salırmış. İsa Məsihi də müqəddəs İordan çayına məhz o salıbmış) – Şərqi Avropa ölkələrində, xüsusən slavyan xalqlarında (hazırda digər Avropa xalqları da hörmət əlaməti olaraq qeyd edir) bayramdır. Yay mövsümündə keçirilir.

4
Qri Ne (fr. “boz burun” deməkdir) – Pa de Kale (La-Manşın ən dar hissəsi) körfəzində burun

5
Bulon-sür-Mer – Fransanın şimalında şəhər; Pa de Kale körfəzinin sahilində yerləşir.

6
İstborn – La-Manş boğazının Britaniya sahilində yerləşən şəhər; Şərqi Susseks qraflığının ərazisidir.

7
Biç Hed – təbaşir qayalıqları; hündürlüyü 162 metrdir.

8
Klerk – kargüzar (idarədə yazı-pozu işinə baxan işçi); insanlar onlara “ağ yaxalıqlılar” deyə ayama da qoşurdular.

9
“Tanqeyzer” operası – müəllifi alman bəstəkarı Rixard Vaqner (1813-1883)

10
Rodos heykəli – Yunanıstanın liman şəhəri olan Rodosda (Egey dənizinin sahilində) antik dövrlərdə qoyulmuş heykəl; qədim əsatirlərdəki günəş allahı Heliosun şərəfinə e.ə. 292-280-cı illərdə qoyulub. Dünyanın yeddi möcüzəsindən biridir.

11
Yelena Petrovna Blavatskaya (1831-1891) – ABŞ vətəndaşı olan rus okultisti, mediumu, həmçinin yazıçı və səyyahı

12
Arqayl hersoqu – Böyük Britaniya kraliçası Viktoriya Vindzorun (1819-1901) kürəkəni: qızı şahzadə Luizanın (1848-1939) həyat yoldaşı Con Kempbel (1845-1914) nəzərdə tutulur.

13
Porter – şərab qatılmış tündrəngli pivə; ingilis dilində porter – hambal, yükdaşıyan deməkdir. Bu söz içki ilə əlaqədar birbaşa mənada işlənilir. Belə ki, porter içkisi ağır yeməklərlə qəbul olunur, başqa sözlə, mədənin yükünü daşıyır.

14
İsa Navin (Yeşua bin Nun) – Musa peyğəmbərin varisi, davamçısı; Tövrat və İncilə görə, Musa peyğəmbərin ölümündən sonra yəhudilərin hamisinə çevrilmiş Navin xalqını qorumaq üçün düşmənlərlə döyüşəndə Allahın ona verdiyi qüdrətlə günəşin və ayın hərəkətini dayandırıb ki, düşmən qaranlıqda görməyib məğlub olsun.
Hekayələr Герберт Джордж Уэллс

Герберт Джордж Уэллс

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Герберт Джордж Уэллс на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв