Hekayələr

Hekayələr
Gi De Mopasson
Hekayə ustaları
Kitabda müasir kiçik hekayənin banisi Gi de Mopassanın bu janrda olan əsərləri toplanıb. Bu hekayələr lakonikliyi qədər düşündürücülüyü ilə oxucunu ovsunlayır.

Gi de Mopassan
Seçmə hekayələr

GONBUL
Bir neçə gün idi ki, əzilmiş ordunun qalıqları arasıkəsilmədən şəhərin içindən keçib-gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış saç-saqqalları kir-pas içində idi. Paltarları cırılmışdı. Bayraqsız, nizamsız şəkildə, yorğun-arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşüblər, nə fikirləşməyə taqətləri qalıb, nə də bir iş görməyə. Ayaq üstə güclə dayanırlar, özləri də bilmir ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə səriləcəklər.
Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dolanan, indi isə tüfəngin ağırlığından belləri əyilmiş, qaçmağa da, hücuma keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Böyük döyüşlərdə əzilmiş diviziyanın qalıqları – qırmızı şalvarlı əsgərlər, müxtəlif alaylardan qalan piyadalar, qaşqabaqlı topçular, özlərini piyadalara güclə çatdıran süvarilərin – draqunların parıldayan dəbilqələri bu qarma-qarışıqlıq içində gözə dəyirdi.
“Məğlubiyyətin intiqamını alanlar”, “Ölüm köməkçiləri”, “Məzar vətəndaşları” kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən əməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib-keçirdi.
Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən, ya pulla, ya da uzun bığlarına görə zabit rütbəsi alıb zər baftalı paltar geyinmiş, yaraqlı-yasaqlı rəisləri hay-küy salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqda olan Fransanın yeganə dayağıdırlar. Əslində isə çox vaxt ipə-sapa yatmayan canilərdən, oğrulardan və pozğunlardan ibarət olan öz əsgərlərindən qorxurdular.
Söz yayılmışdı ki, prussiyalılar Ruana çataçatdır.
Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan, çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tərpənib şıqqıltı salan kimi hücuma keçməyə hazırlaşan milli qvardiya indi evlərinə dağılmışdı. Onların bir az əvvəl adamları üç verstlikdən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli od saçan silahları birdən-birə yoxa çıxmışdı.
Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemerə doğru irəliləyən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamıdan axırda isə general, özünün iki yavəri ilə birlikdə, qoşunun arxası ilə pay-piyada sürünürdü. O, tamamilə ruhdan düşmüşdü və pərən-pərən olmuş bu adamlarla nə edəcəyini bilmirdi. Həmişə qələbə çalmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxmayaraq, birdən-birə dəhşətli məğlubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsıtmışdı.
Sonra şəhərə sükut çökdü, hamı dinməz-söyləməz, qorxu içində yaxınlaşan düşməni gözlədi. Dükanda, daxıl dalında oturmaqdan piylənmiş və hər cür cəsarəti itirmiş burjualar ət qızartdıqları şişləri və iri mətbəx bıçaqlarını prussiyalıların silah hesab edib onlara cəza verəcəklərindən qorxa-qorxa qaliblərin gəlməsini həyəcanla gözlədilər.
Elə bil şəhərdə həyat ölmüşdü, dükanlar bağlanmışdı, küçələrdən səs-səmir gəlmirdi. Bu məşum sükutdan qorxuya düşən və divarın dibi ilə kölgə kimi sürünən tək-tük adamdan başqa gözə heç nə dəymirdi.
Gözləməkdən cana gəlmişdilər, istəyirdilər ki, düşmən tez gəlib çıxsın və intizardan canları qurtarsın.
Fransız qoşunlarının geri çəkilməsindən bir gün sonra, axşamüstü haradansa çapıb gələn bir neçə atlı-ulan şəhərdə göründü. Bir azdan sonra isə Sent-Katrinin döşü ilə qara bir sel axını irəliləməyə başladı. Darnetal və Buagiyom yolları tərəfdə də iki sel axını göründü. Üç korpusun avanqardı eyni zamanda şəhər bələdiyyə idarəsinin qarşısındakı meydançaya gəldi. Bunların ardınca alman nizami qoşunlarının əsgərləri qonşu küçələrə doluşdular. Əsgərlərin ahəngdar ayaq tappıltılarından küçələr uğuldamağa başladı.
Şəhər ölü sükutuna qərq olmuş və sakinsiz kimi görünürdü, əslində isə qapalı pəncərə taxtalarının arxasından müharibə qanunlarına görə şəhərin, burada yaşayan insanların və bütün var-dövlətin sahibi hesab olunan fatehləri qorxa-qorxa gizlicə süzürdülər. Küçələrdə, həmin evlərin divarları boyunca isə hərəkət edən alman əsgərlərinə yerlilərə tanış olmayan “ğığıltılı” səslə komandalar verilirdi. Yarımqaranlıq otaqlarda gizlənən obıvatellər[1 - Obıvatel – ancaq öz mənafeyini düşünən adam] insan müdrikliyini və qüdrətini aciz qoyan kortəbii fəlakətlər, hər şeyi məhv edən böyük geoloji dağıntılar qarşısında aciz qalan adamlar kimi dəhşətə gəlmişdilər. Belə hislər hər dəfə yaradılmış qayda-qanunlar devrildikdə, təhlükəsizlik duyğuları itirildikdə, təbiətin və insanların qanunları ilə qorunan hər şeyin mənasız və qəzəbli qüvvələr qarşısında qaldığı zaman baş qaldırır. Şəhərliləri uçub dağılan evlərin altında dəfn edən zəlzələlər, ölmüş öküzləri və evinin damının çatması ilə birlikdə kəndliləri aparan yatağından oynayıb daşan çaylar, ya da təslim olmaq istəməyənlərin hamısını qıran, qalanlarını isə əsir alan, qılıncının şöhrəti naminə hər şeyi talayan, top gurultuları altında hansı bir ilahi qüvvəyəsə iltifat göstərmək istəyən qalib ordu – bütün bu dəhşətli fəlakətlər göylərin ədalətinə və insan zəkasının qüdrətinə uşaqlıqdan bizə təlqin edilən bütün qədim etiqadları və ümidləri büsbütün yox edir.
Artıq qapıları bir-bir döyürdülər. Kiçik dəstələrlə içəri doluşurdular. Hücumdan sonra zəbtetmə başlayırdı. Məğlub olanların boynuna yeni vəzifə düşürdü: onlar qaliblərə mehribanlıq göstərməli idilər.
Aradan xeyli keçdi. Qorxu canlardan çıxdı və hər şey əvvəlki qaydasına düşdü. Prus zabitləri ailələrdə ev sahibləri ilə birlikdə süfrə arxasında oturub rahatca nahar eləməyə başladılar. Bu zabitlərin bəziləri ədəbli çıxır, nəzakət xatirinə Fransanın məğlubiyyətinə acıyır və belə bir müharibədə iştirak etdiyinə görə əzab çəkdiyini söyləyirdi. Fransızlar almanlara bu cür alicənablıqlarına görə minnətdarlıqlarını bildirirdilər; bu bir də ona görə edilirdi ki, almanların himayəsinə sığınmaq hər an lazım ola bilərdi.
Zabitlərin qılığına girməklə evə doluşan əsgərlərin sayını da azaltmaq olardı. Bir də asılı olduğun adama toxunmağın nə mənası vardı? Belə hərəkət etmək qoçaqlıq yox, ağılsızlıq olardı. Ruan burjuaları keçmiş zamanlarda, şəhərə şöhrət gətirən müdafiə illərində olduğu kimi, ehtiyatla hərəkət edirdilər. Onlar fransız nəzakət qaydalarına qəti riayət edərək belə bir qərara gəlmişdilər ki, evin içində xarici qəsbkarlara mehribanlıq göstərmək olar. Ancaq elə etmək lazımdır ki, bu yaxınlıqdan başqaları xəbər tutmasın. Küçədə almanlara üz göstərmirdilər. Amma axşamlar, evdə onlarla şirin-şirin söhbət edirdilər. Bu mehribanlığa alışan almanlar isə axşamlar özlərini buxarının istisinə verərək oturur, gecəyarısına qədər yerlərindən qalxmaq istəmirdilər.
Şəhər yavaş-yavaş əvvəlki adi görkəmini alırdı. Fransızlar hələ evdən çıxmağa ehtiyat edirdilər, amma küçələrdə prus əsgərlərinin əlindən tərpənmək olmurdu. Bununla belə, öz uzun qılınclarını küçələrdə lovğa-lovğa sürüyən mavi paltarlı qusarlar[2 - Qusar – macar geyimli süvari əsgər] da yoxsul, adi şəhərlilərə bir il bundan əvvəl həmin qəhvəxanalarda kef sürən fransız yeger[3 - Yeger – nişançı alayı əsgəri] zabitləri kimi həqarətlə baxırdılar.
Bununla belə, havada sezilməsi çətin olan ağır, xoşagəlməz, yad bir əhvali-ruhiyyə hiss edilirdi. Elə bil hər yerə hücum, basqın qoxusu hopmuşdu. Bu qoxu evlərə, ictimai yerlərə dolmuşdu. O, yeməklərə xüsusi dad-tam vermiş, insanlarda elə bir hiss əmələ gətirmişdi ki, guya sən uzaq-uzaq ölkələrdə, qan hərisi olan vəhşi qəbilələr arasında dolaşırsan.
Qaliblər pul, həm də çoxlu pul tələb edirdilər. Obıvatellər varlı idilər və onlara dinməz-söyləməz istədikləri qədər pul verirdilər. Amma varlı norman tacirləri buna dözmürdülər. Onların xasiyyəti idi: balaca bir ziyana düşəndə, gəlirlərinin kiçik bir damlası başqasının əlinə keçdiyini hiss edəndə daha çox əzab çəkirdilər.
Bütün bunlarla yanaşı, şəhərdən iki-üç lyö aralıda, çayın aşağılarında, Kruasse, Dyepdal və Byessarın yaxınlığında qayıqçılar və balıqçılar daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğranmış, ya da, sadəcə, körpüdən başıaşağı çaya atılmış alman paltarlı köpmüş meyitləri dəfələrlə suyun dibindən tapıb çıxarırdılar. Günün günortaçağı aparılan açıq döyüşlərdən daha təhlükəli olan bu hay-haraysız, səssiz-küysüz, gizli, vəhşicəsinə, lakin qanuni intiqam hissindən doğan, sirli qəhrəmanlıqla edilən döyüşlərin qurbanı olan meyitlər çox vaxt çayda lillənib qalırdı.
Çünki yadellilərə nifrət hissi ta qədimlərdən başlayaraq məslək yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurları həmişə ayağa qaldırır.
Qəsbkarlar öz dəyişməz qayda-qanunları ilə şəhəri özlərinə tabe etsələr də, heç bir dəhşətli hadisə törətmədilər. Halbuki onların qələbə ilə irəlilədikləri yerlərdə çox amansızlıqlar etdikləri haqqındakı şayiələr şəhərə yayılmışdı. Bunu görən yerli əhali axırda cəsarətləndi və tacirlər ticarətə başlamaq ehtiyacı duydular. Onların bəzilərinin fransız qoşunlarının tutduğu Havr limanı ilə böyük pul alverləri vardı. İndi onlar bu əlaqəni bərpa etmək məqsədilə Dyeppə qədər piyada getmək, orada gəmiyə minmək və sonra özlərini Havr limanına salmaq təşəbbüsündə bulundular. Bu məqsədə çatmaq üçün tanış alman zabitlərinin təsirindən də istifadə etdilər və şəhər komendantı onların getməsinə icazə verdi.
On nəfərin yazıldığı bu səfərə çıxmaq üçün dörd at qoşulmuş karet ayırdılar və camaatın gözündən yayınmaq məqsədilə həftənin ikinci günü, səhər tezdən, işıqlaşmamışdan yola düşmək qərara alındı.
Axır günlər şaxta yeri dondurmuşdu. Bazar ertəsi isə saat üç radələrində şimaldan qara buludlar axıb gəldi, qar yağdı və bu qar axşamdan başlayıb səhərə qədər ara vermədi.
Səhər tezdən, saat beşin yarısında müsafirlər karet ilə yola düşmək üçün “Normand mehmanxanası”nın həyətinə toplaşdılar. Onlar yuxulu idilər. Böyük yun şala bürünmüşdülər. Soyuqdan tir-tir əsirdilər. Qaranlıqda bir-birini güclə seçirdilər. Əyinlərindəki qalın qış paltarları onları uzunəbalı kök keşişlərə oxşadırdı. Nəhayət, kişilərin ikisi bir-birini tanıdı, üçüncü də onların yanına gəldi.
– Mən arvadımı da özümlə aparıram, – deyə kişilərdən biri dilləndi.
– Mən də.
Birinci kişi əlavə etdi:
– Biz daha Ruana qayıda bilmərik, əgər prussiyalılar Havra gəlsələr, oradan da İngiltərəyə gedərik.
Bu adamlar eyni ictimai təbəqədən olduqlarına görə fikirləri də bir-biri ilə düz gəlirdi.
Kareti nədənsə qoşmurdular. Mehtərin əlindəki çıraq qaranlıqda qapıların birində işıldayır, dərhal da yox olur, sonra o biri tərəfdə görünürdü. İçinə peyin səpilib saman döşənmiş tövlədən at ayağının tappıltısı və mehtərin söyüşü eşidilirdi. Zınqırovların cingiltisindən başa düşmək olurdu ki, atları qoşurlar. Bu cingiltilər azacıq sonra gücləndi, atların hərəkətinə uyğun olaraq aydınca səslənməyə başladı. Bu zınqırov səsləri bəzən eşidilməz olur, sonra birdən, nallı at ayağının tappıltısı ilə bərabər güclənirdi.
Birdən qapı açıldı. Hamı səsini içinə saldı. Üşümüş yolçular soyuqdan donduqları üçün yerlərindən tərpənməyib susdular.
Ara vermədən lopa-lopa yağan qar adamın gözünü qamaşdırırdı. Bu soyuq, yumşaq qar pambıq kimi ətrafa səpələnir, evləri, çölləri bürüyür və hər şeyi bir-birinə qatıb ağ örtük altında görünməz edirdi. Qış yuxusuna dalıb dərin səssizlik və sükut içində mürgüləyən bu şəhərin sakitliyini ancaq kainatı bürüyən sonsuz ənginliklərdən axıb gələn ağ zərrəciklərin – səssiz-səmirsiz yağan qarın pıçıltıyabənzər qarışıq xışıltısından başqa heç nə pozmurdu.
Əliçıraqlı faytonçu başını aşağı salıb dartınan və tövlədən çıxmaq istəməyən atın yüyənindən çəkib həyətə gəldi. Atı karetin yanına gətirdi, yan qayışını bağladı, xamıtı boynuna keçirdi, bir əlində çıraq olduğundan tək əli ilə xeyli əlləşdi, sonra ikinci atı gətirməyə gedərkən dönüb soyuqdan büzüşən və qarın altında qaldıqlarından ağappaq olmuş sərnişinlərə baxdı:
– Niyə karetə minmirsiniz? – dedi, – heç olmasa, üstünüzə qar yağmaz.
Bu heç onların ağlına gəlmirdi. Faytonçunun sözünü eşidən kimi dərhal, tələsik karetə doluşdular. Kişilərdən üçü əvvəlcə arvadlarını karetə mindirdi, sonra da özləri çıxdılar. Onların arxasınca alaqaranlıqda güclə görünən qaraltılar içəri keçib boş yerləri tutdular.
Karetin içinə ot döşənmişdi. Adam ayağını qoyanda topuğa qədər batırdı. Karetin dərinliyində oturan xanımlar özləri ilə kimyəvi kömürlə yanan mis qızdırıcılar götürmüşdülər. Onlar dərhal qızdırıcıları yandırdılar və uzun müddət bir-birinə bu cihazın çoxdan hamıya məlum olan üstünlüklərindən pıçıltı ilə danışmağa başladılar.
Nəhayət, yolların xarab olduğunu nəzərə alaraq karetə dörd at əvəzinə altı at qoşduqdan sonra bayırdan kimsə soruşdu:
– Hamı yerindədirmi?
İçəridən cavab verdilər:
– Bəli.
Yola düşdülər.
Karet ağır-ağır, elə bil addım-addım irəliləyirdi. Təkərlər topuna qədər qara batır, karet ləngərlənib cırıldayır, atlar fınxırıb dartındıqca ayaqları sürüşür, onların bədənlərindən, burun pərələrindən buğ qalxırdı. Faytonçunun qamçısı havada oynayır, ilan kimi qıvrılıb açılır və atlardan birinin titrəyən sağrısına dəyən kimi onlar gücünü toplayıb irəliləyirdilər.
Yavaş-yavaş işıqlaşırdı. Xalis ruanlı olan sərnişinlərdən birinin dediyi kimi, “pambıq yağışına oxşayan yüngül qar yağımı” azalıb ara verirdi. Alatoranlığın işığı qırov bağlamış uca ağacların və yastı-yapalaq daxmaların hərdən gözə dəydiyi sonsuz qarlı çöllərin üzərinə qatı kölgə salan iri, qara, ağır buludlara hopurdu.
Səhərin bu ürəksıxan hüznlü işığında sərnişinlər bir-birini maraqla süzməyə başladılar. Qran-İon küçəsindən olan məşhur şərab alverçisi Luazo soyadlı ər-arvad karetin baş tərəfində, ən yaxşı yerdə, qabaq-qabağa oturub mürgüləyirdilər. Keçmiş nökər Luazo iflasa uğramış ağasının var-dövlətini ələ keçirmiş və bununla da çoxlu qazanc toplaya bilmişdi. O, ən zibil şərabı əyalət tacirlərinə lap ucuz qiymətə sırımaqda ad çıxartmış və beləliklə də, dost-tanışların arasında ən usta kələkbaz kimi, əsl mənada bic və kefcil normandiyalı kimi məşhurlaşmışdı.
Onun kələkbazlığı haqqında söhbət o qədər geniş yayılmışdı ki, öz təmsil və şeirləri ilə, həmçinin hazırcavablığı ilə lovğalanan, bir sözlə, əyalətin məşhur şairi kimi tanınmış cənab Turnel bir dəfə prefektura idarəsindəki axşam qonaqlığında darıxdıqlarından mürgüləyən xanımlara təklif etmişdi ki, gəlin “Quş uçdu”[4 - Fransızca söz oyunu: L'oiseau vole – “quş uçur”; Loiseau vole – “Luazo oğurlayır”] oyunu oynayaq. Bu zarafat ildırım sürəti ilə prefektin qonaq otağına, oradan da şəhərə, bütün evlərə yayıldı və bütün əyalət sakinləri düz bir ay gülməkdən qırıldılar.
Bundan başqa, Luazo cürbəcür məzəli əhvalatları ilə, həmçinin bəzən yerinə düşən, bəzən də mənasız görünən zarafatları ilə də şöhrət qazanmışdı. Onun haqqında kim söhbət eləsə, axırda:
– Nə deyirsiniz deyin, Luazo, hər halda, tayı-bərabəri olmayan misilsiz adamdır, – deyərdi.
O, gödəkboylu idi. Adama elə gəlirdi ki, onun bədəni iri, dəyirmi qarından və bir də onun üstünə yapışdırılmış gicgahlarına dən düşən qırmızı sifətdən ibarətdir.
Luazo özlərinin ticarət evlərini məzəli hərəkətləri ilə şənləndirirdisə, onun ucaboy, cüssəli, yoğun səsli, sərt təbiətli və qətiyyətli arvadı evin bütün səliqə-sahmanını öz əlinə almışdı.
Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyindən və şəxsi ləyaqətinin üstünlüyündən lovğalanan fabrikant cənab Karre-Lamadon oturmuşdu. Onun üç iplik fabriki vardı və pambıq-parça istehsal edən sənaye sahəsində xüsusi mövqe tutmuşdu. Həm də fəxri legionun zabiti və Baş Şuranın üzvü idi. İmperiya dövründə, özünün dediyi kimi, ədəb və nəzakət qaydalarını gözləyə-gözləyə, xeyirxahlıq naminə müxalifətə başçılıq edirdi ki, sonradan mübarizə apardığı quruluşa tərəfdar çıxsın və bununla da çoxlu mənfəət əldə etsin. Bu onun yeganə məqsədi idi.
Öz ərindən xeyli kiçik olan xanım Karre-Lamadon Ruan hərbi qarnizonuna işləməyə göndərilən, mərifətli ailələrdən çıxmış cavan zabitlərin yeganə təsəllisi olan bir qadın idi.
Bu balacaboy, zərif, qəşəng qadın xəz paltosuna bürünərək əri ilə üzbəüz oturmuşdu və məyus baxışlarla karetin yoxsul görkəminə tamaşa edirdi.
Onlarla yanaşı Normandiyanın ən məşhur və qədim kübar nəslinə mənsub olan qraf Yuber de Brevil öz zövcəsi ilə oturmuşdu. Yaşa dolmuş, boylu-buxunlu bu qraf cürbəcür paltarlar geyinərək özünün təbiətən kral IV Henrixə oxşadığını daha da nəzərə çarpdırmağa çalışırdı, çünki dədə-babalarının iftixarla söylədiklərinə görə, de Brevil soyadlı bir xanım kral IV Henrixdən uşağa qalmış, bundan sonra onun əri qraf rütbəsi və qubernator vəzifəsi almışdı.
Baş Şurada cənab Karre-Lamadonun həmkarı olan qraf Yuber departamentdə orleançılar partiyasını təmsil edirdi. Onun birdən-birə miyanə dolanan nantlı gəmi sahibinin qızı ilə evlənməsi indi də sirr olaraq qalır. Ancaq qrafinya özünü vüqarla aparmağı, hamıdan yaxşı qonaq qəbul etməyi bacardığına görə və vaxtilə Lui-Filippin oğlanlarından birinin aşnası kimi məşhurlaşdığı üçün əsilzadələr ona hörmət edirdilər və onun evi bütün departamentdə qədim nəzakət və ədəb qaydalarını saxlayan yeganə ev hesab olunurdu, oraya düşmək isə çox çətin idi. Deyilənə görə, Brevillərin ancaq yatırdan ibarət olan var-dövləti onlara ildə beş yüz min livr gəlir gətirirdi.
Bu altı nəfər özlərinin cəmiyyətdə yüksək mövqe tutduqlarından, dinə sadiq, namuslu, hörmətli, nüfuzlu və varlı-hallı adamlar olmalarından razı halda karetin yuxarı başında əyləşmişdi.
Qəribə təsadüf nəticəsində qadınlar bir tərəfdə cərgə ilə oturmuşdular və qrafinyanın yanında uzun təsbehlərini çevirən və tez-tez “Pater”, “Ave”[5 - Katolik dini duaları: "Ya Həzrət Məryəm”, “İlahi ata”] deyə dodaqaltı dua oxuyan iki rahibə oturmuşdu. Onların biri yaşlı və çopur idi. Elə bil tüfəngi düz üzünə tuşlayıb saçma doldurmuşdular. Üz-gözündən üzgünlük yağan o biri rahibənin sifəti gözəl olsa da, vərəmə oxşayırdı. Hər şeyi udan, fanatiklər və əzabkeşlər yetirən din, görünür, bu qıza da əzab verib iztirablar çəkdirirdi.
İçəridəkilərin hamısının diqqəti rahibələrlə qabaq-qənşər oturan kişi ilə arvadda idi.
Kişi hamının yaxşı tanıdığı və hörmətli adamların canına qorxu salan demokrat Kornyude idi. Düz iyirmi ildən artıq idi ki, bütün demokratik qəhvəxanaları dolaşır və özünün uzun, kürən saqqalını içdiyi pivələrlə isladırdı. O, vaxtilə şirniyyat satan atasından qalan külli var-dövləti öz dostları və tanışları ilə çoxdan göyə sovurmuşdu, indi isə böyük səbirsizliklə respublika quruluşunun yaranmasını gözləyirdi ki, inqilab yolunda düzəltdiyi içki məclislərinin və verdiyi şərab nəzirlərinin əvəzində layiq olduğu yerlərdən birini tutsun. Sentyabrın dördündə[6 - 4 sentyabr 1870-ci il – İkinci imperiyanın devrilməsi və Üçüncü respublikanın elan edilməsi günü] kiminsə zarafatına inanaraq özünü prefekt vəzifəsinə təyin olunmuş hesab etdi və istədi ki, öz vəzifəsini yerinə yetirməyə başlasın, prefektura əməkdaşlarından işdə qalan yeganə adam – katib ona tabe olmaqdan imtina etdi və Kornyude məcbur oldu ki, dinməz-söyləməz çıxıb getsin. Ümumən sakit, heç kəsə zərəri dəyməyən, lütfkar adam olan Kornyude var qüvvəsini sərf edib şəhərin müdafiəsini təşkil etmək istədi. Onun başçılığı ilə çöllərdə xəndəklər qazdılar, qonşu meşədəki körpə ağacları doğradılar, yollarda pusquya durdular və bütün gördüyü bu işlərdən razı qalan Kornyude düşmən yaxınlaşan kimi tələsik şəhərə qayıtdı; indi o belə zənn edirdi ki, Havrda da xəndəklər qazmaqla ölkəyə daha çox xeyir verəcəkdir.
Qadın isə “yüngül, əxlaqsız arvadlardan” biri idi və vaxtından əvvəl kökəlib yumurlandığı üçün ona “Gonbul” deyirdilər. O, balacaboy, yupyumru, piy içində batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları ortasından iplə boğulmuş sosiska kimi buğumlardan nazilirdi. Dərisi şəffaf və tarım idi. Yupyumru döşləri sinəsini qabardır və paltarlarının altından dikəlirdi. O qədər təravətli və gözəgəlimli idi ki, ehtirasları coşdururdu və kişilər ondan gözlərini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə yesinlər. Yanaqları alma kimi qıpqırmızı idi, sifəti açılmaqda olan qırmızı pion çiçəyinin qönçəsinə bənzəyirdi. İri, qara, məftunedici, canalan gözləri vardı. Bu gözləri uzun, sıx, qara kirpiklər çəpərləmişdi və haşiyədən gözləri daha tünd görünürdü. Balaca ağzı, nəm dodaqları, inci kimi parlaq dişləri vardı. Elə bil Allah dodaqlarını yalnız öpüş üçün yaratmışdı.
Deyilənlərə görə, onun bunlardan başqa da çoxlu əvəzsiz, qiymətli məziyyətləri vardı.
Onu tanıyan kimi karetdə oturan abırlı, ismətli qadınlar dərhal “biabır olduq”, “küçə qızı” deyə pıçıldaşmağa başladılar, həm də bu sözləri elə tərzdə dedilər ki, Gonbul eşitdi və başını yuxarı qaldırdı. Qız yol yoldaşlarını elə sərt, qəzəbli və bu saat döyüşə çağırmağa hazır olan amansız baxışlarla süzdü ki, biclik tökülən gözlərini ondan çəkməyən Luazodan başqa hamı başını aşağı saldı və ortalığa dərin bir sükut çökdü.
Azacıq sonra xanımların üçü yenidən söhbətə başladı. Belə bir pozğun küçə qızının onlarla bir yerdə getməsi bu qadınları dərhal bir-birinə yaxınlaşdırıb dostlaşdırdı. Ləyaqətli xanımlar bu cür ayağı sürüşkən, pozğun küçə qızına qarşı birləşmək zəruriyyətini duyurdular, çünki kəbinli arvadlar bu cür qadınlara həmişə həqarətlə baxırlar.
Xanımlar birləşdiyi kimi, kişilərdən üçü Kornyudenin burada olduğunu görəndə qeyri-ixtiyari bir mühafizəkarlıq duyğusu ilə birləşdilər və dərhal puldan söhbət saldılar; onların danışıq tərzindən hiss olunurdu ki, kasıblara həqarətlə baxırlar. Qraf Yuber prussiyalıların ona vurduğu ziyandan, heyvanlarının oğurlanması və məhsulun məhv olması nəticəsində çəkdiyi zərərdən danışsa da, belə ziyanların onun kimi varlı adama uzaqbaşı bir il təsir edəcəyini söyləyirdi. Pambıq-toxuculuq sənayesinin işlərindən əməlli-başlı xəbəri olan Karre-Lamadon qara gün üçün saxladığı altı yüz min franklıq ehtiyat pulunu sayıqlıq göstərərək vaxtında İngiltərə banklarına keçirmişdi. O ki qaldı Luazoya, zirzəmisində saxladığı ucuz şərabların hamısını Fransa intendantlığına[7 - İntendant – orduda təsərrüfat işlərinə baxan adam] nisyə satmışdı və indi hökumətin ona borclu olduğu külli miqdarda pulun hamısını Havrda almaq ümidində idi.
İndi onların üçü də bir-birini ötəri mehribanlıqla süzürdü; ictimai mövqeləri müxtəlif olsa da, var-dövlət onları bir-birinə yaxınlaşdırırdı. Onlar özlərini ciblərində qızıl cingildəyən bütün xüsusi mülkiyyətçiləri ətrafında birləşdirən böyük frankmason[8 - Frankmason – XIII əsrdə meydana çıxmış dini-fəlsəfi cərəyan] təşkilatının üzvləri hesab edirdilər.
Karet o qədər yavaş hərəkət edirdi ki, saat ona qədər heç dörd lyö də yol getməmişdilər. Karet yoxuşu çıxanda kişilər üç dəfə yerə düşüb dikdiri piyada getməli olmuşdular. Sərnişinlər belə hesab etmişdilər ki, Totda səhər yeməyini yeyərlər, ancaq belə getsə, oraya heç axşam saatlarında da çata bilməyəcəkdilər. Ona görə də sərnişinlər narahat olmağa başlamışdılar. Onlar yol üstündə bir aşxana görmək ümidi ilə tez-tez ətrafa boylanırdılar, amma tərs kimi, gözlənilmədən, karet qara batdı və düz iki saat əlləşdikdən sonra onu güclə çıxarda bildilər.
Aclıq öz işini görür, içəridəkilərin başı hərlənirdi. Yollarda isə tərs kimi nə bir aşxana, nə də bir meyxana gözə dəyirdi. Ona görə ki prussiyalıların gəlişi və geri çəkilən ac fransız qoşunları alverçilərin hamısını qorxuya salmışdı.
Yol üstündə balaca kəndlərə rast gələn kimi kişilər karetdən tökülüşüb yemək dalınca getsələr də, əliboş geri qayıtmışdılar, hətta quru çörək də tapmamışdılar, çünki ehtiyatlı kəndlilər əllərinə keçəni talayan ac əsgərlərin qorxusundan nələri vardısa hamısını gizlətmişdilər.
Günorta, saat birə yaxın, Luazo acından qarnının quruldadığını söylədi. O biriləri də ac idilər və aclıqdan dilləri söz tutmurdu.
Sərnişinlər asta-asta əsnəməyə başladılar. Əsnək əsnək gətirdi və hər kəs öz xasiyyətinə, aldığı tərbiyəyə, ictimai mövqeyinə uyğun şəkildə – kimisi alçaqdan, kimisi ağzını açaraq bərkdən əsnədi və dərhal da içindən buğ qalxan yarığı əlləri ilə örtdülər.
Gonbul bir neçə dəfə aşağı əyilib elə bil ətəyinin altında nə isə axtarırdı. Amma cəsarət eləmədi, qonşularına baxıb yenidən yerində sakitcə oturdu.
Hamının sifəti ağarmışdı və üzlərində gərginlik vardı. Luazo dedi ki, bir parça çörəyə lap min frank verməyə hazırdır. Onun arvadı qaşqabağını töküb ərinə etiraz etmək istədi, lakin az keçməmiş sakitləşdi. Havayı pul xərclənməsindən söhbət belə düşəndə bu xanım, doğrudan da, narahat olurdu, hətta bu barədə edilən zarafatı belə xoşlamırdı.
– Heç özümün özümdən başım çıxmır, – deyə qraf söyləndi, – necə olub ki, yola azuqə götürməyi yaddan çıxarmışam?
Hamı elə buna görə ürəyində özünü danlayırdı.
Kornyudenin, sən demə, bir flyaqa romu varmış. O, romu çıxartdı, ətrafdakılara təklif etdi, lakin hamı rom içməkdən boyun qaçırtdı. Təkcə Luazo bircə qurtum içmək istədiyini bildirdi və qabı geri qaytarıb sahibinə təşəkkür edərək:
– Pis deyil, – dedi, – həm aclığın qabağını alır, həm də bədəni isidır.
İçki onun kefini açdı və təklif etdi ki, matros mahnılarında oxunduğu kimi, gəlin gəmidəki ən yağlı, kök sərnişini yeyək. Abır-həyalı sərnişinlər açıq-aşkar Gonbula edilən bu eyhamdan özlərini itirdilər. Cənab Luazonun zarafatına heç kəs cavab vermədi, bircə Kornyude qımışdı. Rahiblər dualarına ara verib əllərini əbalarının gen qoluna saldılar, gözlərini yerə dikib yerlərindən tərpənmədilər, göylərdən göndərilmiş əzaba, iztiraba dözüb sınaqdan çıxırlarmış kimi sakitcə oturdular.
Nəhayət, saat üçdə, karet kəndsiz-kəsəksiz, ucu-bucağı görünməyən düzənliklə gedəndə Gonbul cəld əyilib skamyanın altından üstü ağ örtüklə örtülmüş iri bir səbət çıxartdı.
Əvvəlcə səbətdən saxsı boşqabla gümüş stəkan, sonra içi doğranmış iki cücə əti ilə dolu olan iri bir cam çıxartdı. Səbətdə kağıza bükülmüş başqa dadlı yeməklər də vardı. Səbətin içi qoğal, meyvə, cürbəcür şirniyyat və bu kimi başqa ləziz yeməklərlə dolu idi. Bir sözlə, bu yeməkləri hazırlayan adam nəzərdə tutmuşdu ki, yeməkxanaya getmədən üç gün dolana bilsin. Bükülmüş yeməklərin arasından, səbətin içində dörd şüşə boğazı da görünürdü. Gonbul cücənin qanadını götürdü, Normandiyada “rejans” adlanan çörəkdən dişləyə-dişləyə yeməyə başladı.
Gözlər ona dikildi. Azacıq sonra karetə adamı iştaha gətirən yeməklərin iyi doldu. Burunlar pərələndi, ağızların suyu axdı, çənələri sıxıb güclə dayandılar. Xanımların bu küçə qızına ürəklərində bəslədiyi həqarət hissi qəzəbə çevrildi və onlar bu qızı bu saat boğub öldürmək, ya da səbəti, stəkanı və yeməyi ilə birlikdə götürüb birbaş karetdən qarın içinə atmağı arzuladılar.
Ancaq Luazo gözləri ilə camdakı cücələri yeyirdi. Axırda özünü saxlaya bilmədi:
– Hə, bu, ağıllı işdir, görünür, xanım bizdən uzaqgörənmiş. Elə adamlar var ki, hər şeyin ehtiyatını əvvəlcədən görürlər.
Gonbul onun üzünə baxdı:
– Buyurun, cənab, bütün günü ac qalmaq asan iş deyil.
Luazo baş əydi:
– Sözün düzü, boyun qaçırmaram. Çünki oldun dəyirmançı… elə deyilmi, xanım? – Yol yoldaşlarına ötəri nəzər salıb əlavə etdi: – Belə dəqiqələrdə ehtiyatlı adamlara rast gəlmək çox xoşdur.
O, şalvarını bulamamaq üçün dizinin üstünə qəzet sərdi, həmişə cibində gəzdirdiyi qatlama bıçağı çıxartdı, ağzını açdı, toyuq budunun birinə sancdı, götürüb dişinə çəkib elə iştahla yedi ki, karetdə hamı köksünü ötürüb udqundu.
Bunu görən Gonbul sakitcə, asta səslə rahibələrə təklif etdi ki, onunla çörək yesinlər. Onların ikisi də dərhal razı oldu; dodaqaltı mızıldayıb təşəkkür etdilər və gözlərini qaldırmadan tələsə-tələsə yeməyə başladılar. Kornyude də yanaşı oturduğu qızın təklifini qəbul etdi və rahibələrlə birlikdə dizinin üstünə qəzet sərdi və beləliklə, stolabənzər bir şey düzəltdilər. Ağızlar açılıb örtüldü, tikələr çeynənildi, udqunulub içəri ötürüldü.
Luazo küncdə oturub arvadını dilə tutur və pıçıltı ilə ona deyirdi ki, sən də mənim kimi elə. O xeyli razılıq vermədi, ancaq mədəsindən sancı qalxdığını hiss edəndə əlacı kəsildi. Luazo dərhal nəzakətlə, şirin sözlər seçərək “qəşəng qızdan” soruşdu ki, “o ət parçasından birini xanım Luazoya təklif etməyə lütfən razılıq verərmi?” Gonbul dərhal cavab verdi:
– Bu nə sözdür, cənab, məmnuniyyətlə və mehribanlıqla gülümsəyərək camı irəli uzatdı.
Birinci çaxır şüşəsini açanda bir az özlərini itirdilər, çünki cəmi bircə stəkan vardı. Ancaq azacıq sonra stəkanı silib bir-birinə ötürdülər. Təkcə Kornyude nəzakətli kişi kimi hərəkət etdi: stəkanı qonşu qadının dodaqlarının yeri getməyən tərəfindən ağzına aparıb çaxır içdi.
Acgözlüklə yemək yeyən adamların arasında oturan və xörəyin ətrindən boğulan qraf və qrafinya de Brevil, eləcə də Karre-Lamadon öz zövcəsi ilə dəhşətli “Tantal əzabı”[9 - “Tantal əzabı” – həsrəti çəkilən bir şeyin əldə edilə bilməməsindən duyulan ağır əzab] çəkməyə başladılar. Birdən fabrikantın cavan arvadı elə dərindən köks ötürdü ki, hamı dönüb baxdı. Onun rəngi çöldəki qar kimi dümağ ağardı, boynu çiyninə düşdü, gözləri qapandı və xanım huşunu itirdi. Əri qorxuya düşdü və ətrafındakılara yalvardı ki, kömək etsinlər. Hamı özünü itirdi. Ancaq xanımın başını dizinin üstünə qoyan yaşlı rahibə Gonbulun stəkanını onun dodaqlarına yaxınlaşdırdı və bir neçə damcı şərab içməyə məcbur etdi. Gözəl xanım dərhal tərpəndi, gözünü açdı, gülümsündü və zəif səslə dedi ki, indi halı lap yaxşıdır. Lakin ürəkgetməsinin təkrar olunmaması üçün rahibə onu dilə tutdu və yenidən düz bir stəkan şərab içirtdi.
– Bu, aclığın qabağını almaq üçündür, – dedi.
İşi belə görəndə Gonbul qızardı, özünü itirdi və dönüb üzünü hələ də yerlərində donub-qalan dörd nəfərə tutdu:
– Ağalar, siz Allah, buyurun, mənim sizə yemək təklif etməyə, sadəcə, cəsarətim çatmırdı.
Gonbul təhqiramiz rədd cavabı alacağından qorxub susdu.
Luazo söz aldı:
– E, əslində, belə hallarda bütün insanlar qardaşdırlar və bir-birinə kömək etməlidirlər. Siz Allah, xanımlar, utanmayın, razı olun, qalan şeylər qoyun cəhənnəm olsun! Ola bilsin ki, biz heç gecələməyə də yer tapmadıq. Bu gedişlə sabah günorta Tota çata bilsək, böyük işdir.
Ancaq tərəddüd davam edirdi. Heç kəs razılıq vermək məsuliyyətini boynuna götürmək istəmirdi. Qabağa düşməyə cəsarətləri çatmırdı.
Nəhayət, qraf məsələni həll etdi. O, üzünü özünü itirmiş Gonbula tutdu və ağayanalıqla dedi:
– Xanım, biz sizin təklifinizi minnətdarlıqla qəbul edirik.
Çətini ilk addım atanacan idi. Elə ki ara açıldı, ondan sonra heç kəs utanmadı. Səbət boşaldı. Səbətdə yuxarıda adlarını çəkdiyimiz yeməklərdən başqa, ciyər qiyməsi, hisəverilmiş dil parçası, krassan armudu, ponlevek pendiri, qalet və ağzınacan turşuya qoyulmuş xiyar və sarımsaqla dolu olan iri bir şüşə qab vardı. Görünür, Gonbul da bütün qadınlar kimi turşuya qoyulmuş yeməkləri sevirdi.
Bu qızın yola götürdüyü bütün azuqəsini yeyib onunla danışmamaq olmazdı. Ona görə də söhbət qızışdı. Əvvəlcə təmkinlə söhbətə başladılar, sonra Gonbulun özünü çox ədəbli apardığını gördülər və tam sərbəst şəkildə söhbət getdi. Yüksək cəmiyyətin qaydalarını çox gözəl bilən qrafinya de Brevil və xanım Karre-Lamadon çox incə bir mehribanlığa başladılar. Xüsusən qrafinya kiminlə söhbət edir-etsin, öz ləyaqətini itirməyəcəyinə əmin olan bir zadəgan xanımı kimi özünü çox füsunkarcasına aparıb iltifat göstərməyə başladı. Amma jandarm kimi amansız qəlbi olan xanım Luazo inadından dönmədi, söhbətə o qədər də qarışmadı, lakin yeməyindən də qalmadı.
Söhbət, heç şübhəsiz, müharibədən gedirdi. Prussiyalıların qəddarlığından, fransızların qoçaqlığından danışırdılar. Baş götürüb qaçmaqla düşmənin əlindən yaxalarını qurtaran bu cənablar əsgərlərin cəsarətinə lazımi qiymət verirdilər. Sonra mövzunu dəyişdirib öz şəxsi vəziyyətlərindən söhbət açdılar. Gonbul dərhal pozğun qadınlara xas olan həqiqi həyəcan və hərarətlə başına gələn işlərdən, keçirdiyi sarsıntılardan danışdı və Ruandan nə üçün qaçdığının səbəbini izah etdi.
– Əvvəlcə heç yerə getmək istəmədim. Evimdə yemək-içmək vardı, hər şey bol idi. Baş götürüb qaçmaqdansa, evdə qalar, iki-üç əsgəri də saxlayar, onları yedirdib-içirdə bilərdim. Amma onları, bu prusları görəndə özümü ələ ala bilmədim, hirsimdən dişlərim bağırsaqlarımı kəsdi və mən bütün günü axşamacan evdə oturub acığımdan, həyadan ağladım. Allahın altında kişi olaydım, onda onların başına bir oyun açardım ki! Mən onlara – ucuşiş dəbilqə geyinmiş bu axtalanmış donuzlara pəncərədən baxırdım. Qulluqçu əllərimdən yapışmışdı. Qorxurdu ki, evdə nə varsa, hamısını götürüb onların başına tökərəm. Sonra onlar mənim evimə gəldilər, içəri girən kimi qabağıma çıxanın boğazından yapışdım. Almanı boğmaq başqasını boğmaqdan çox asandır. Mən onu boğub öldürəcəkdim, amma saçımdan dartırdı. Bundan sonra qaçıb gizləndim və fürsət tapan kimi aradan çıxdım, indi də gördüyünüz kimi, sizinlə bir yerdəyəm.
Onu tərifləməyə başladılar. Gonbul o qədər də qoçaqlıq göstərməyən yol yoldaşlarının gözündə böyüdü və Kornyude, dindar bir adamın Allaha minnətdarlıqla dolu olan duasına qulaq asan ruhani kimi, apostol iltifatı və təqdiri ilə dodaqlarında təbəssüm qıza qulaq asmağa başladı. Ona görə ki uzunsaqqallı demokratlar da dini məsələləri öz əlinə alan əbalı ruhanilər kimi vətənpərvərlik məsələlərini, göz dəyməsin, tam inhisarda saxlayırdılar. Kornyude danışmağa başladı, özü də nəsihətamiz tərzdə, hər gün divarlara yapışdırılan bəyannamələrdən götürülən təmtəraqlı cümlələrlə danışdı və öz monoloqunu “əclaf Badenge”yə[10 - Badenge – III Napoleonun gülünc ləqəbi; o, növbəti siyasi fırıldaqlarından sonra bu soyad altında gizlənmişdir.] divan tutmağa çağırışlarla qurtardı.
Amma Gonbul Bonapart tərəfdarı olduğu üçün dərhal özündən çıxdı. Gilənar kimi qıpqırmızı oldu. Hirsindən dili topuq çala-çala sözləri yağdırmağa başladı:
– Mən sizin kimi ağaları onun yerində görmək istərdim. Bə nə, göz dəyməsin, sizin hamınız çox yaxşı adamlarsınız! Axı onu siz satdınız! Əgər ölkəyə sizin kimi araqarışdıranlar başçılıq etsə, ağalığı öz əllərinə alsa, Fransadan baş götürüb qaçmaqdan başqa çıxış yolu qalmaz.
Kornyude təmkinini pozmadı. Təkəbbür və nifrətlə gülümsündü. Bir az da keçsəydi, söhbətin axırı söyüşə çevriləcəkdi. Qraf bunu hiss edib işə qarışdı, özündən çıxmış qızı güc-bəla ilə sakitləşdirdi və amiranə tərzdə dedi ki, hər hansı bir səmimi fikrə hörmət etmək lazımdır. Amma qrafinya ilə fabrikantın arvadı respublika quruluşuna qeyri-iradi nifrət bəsləyən bütün yüksək mənsubiyyətli adamlar kimi, eləcə də qadınlara məxsus bir məftunluqla, kortəbii şəkildə, müstəbid quruluşlu hökumətə pərəstiş etdiklərinə görə, istər-istəməz özünü bu cür ləyaqətlə aparan və təxminən onların ürəyindən keçənləri deyən bu qıza rəğbət bəsləməyə başladılar.
Səbət boşaldı. On nəfər asanlıqla onun içindəki yeməkləri aşırdılar və səbətin balaca olmasına təəssüf etdilər. Yemək qurtarandan sonra əvvəlki kimi maraqla olmasa da, xeyli söhbət etdilər.
Axşam düşür, şər qarışırdı. Yeyilənlərin həzm olunması zamanı daha çox hiss edilən soyuq, köklüyünə baxmayaraq, Gonbula təsir etdi və titrəməyə başladı. Xanım de Brevil bayaqdan bəri bir neçə dəfə kömür qoyduğu qızdırıcı cihazı Gonbula təklif etdi. Gonbulun ayaqları donmuşdu, ona görə də xanımın təklifini dərhal qəbul etdi. Xanım Karre-Lamadon və Luazo öz qızdırıcılarını rahibələrə verdilər.
Faytonçu fənəri yandırdı. Ortadakı atların sağrısından qalxan buğ, yolların kənarındakı qarın işığında aydınca göründü. Çöllərin üzərinə sərilmiş ağ örtük – karet irəlilədikcə elə bil titrəşən işıqda bükülüb açılmağa başladı.
Karetin içində göz-gözü görmürdü. Birdən Gonbul ilə Kornyude tərpəndilər və qaranlıqda onlara göz qoyan cənab Luazoya elə gəldi ki, uzunsaqqal Kornyude böyrünə səssiz, lakin ağır dürtmə dəymiş adam kimi dik atılıb qızdan aralandı.
İrəlidə, yolda işıq göründü. Bu, Tot kəndinin işıqları idi. On bir saat idi ki, yolda idilər. Əgər buraya atlarını yemləmək və dincəlmək üçün yolda dörd dəfə dayandıqlarına sərf edilən iki saatı da əlavə etsək, düz on üç saat idi ki, yol gəlirdilər. Karet kəndə daxil oldu və “Ticarət mehmanxanası”nın önündə dayandı.
Qapı açıldı. Birdən sərnişinlər onlara yaxşı tanış olan – yerlə süründüyündən cingildəyən uzun qılınc səsini eşidib dik atıldılar, dərhal da almanca danışan adamın sərt səsini eşitdilər.
Karet dayanmışdı, amma heç kəs qorxusundan yerindən tərpənmirdi. Hamıya elə gəlirdi ki, içəridən çıxan kimi dərhal onları tutub güllələyəcəklər. Faytonçu əlində fənər gəldi və karetin içinə işıq düşdü. Bu işıqda qorxudan və dəhşətdən bərəlmiş gözlər, açılmış ağızlar və yerlərində tir-tir əsən iki cərgə adam göründü.
İşıq zolağında, faytonçunun yanında uzun, sarı, həddindən artıq arıq, cavan bir alman zabiti dayanmışdı. Korset bağlayan qızlar kimi kəmərlə mundirinin belini boğmuşdu, çəpəki qoyduğu günlüyü düz və laklı furajkası onu ingilis mehmanxanalarındakı buyruqçu uşaqlara oxşadırdı. Hədsiz dərəcədə uzun olan bığlarının ucu getdikcə nazilir və gözlə güclə görünən napnazik, ağımtıl tüklə qurtarırdı. Bu bığlar elə bil zabitin ağzının büküləcəklərini basıb sıxır, yanaqlarını, dodaqlarının küncünü basıb aşağı dartırdı.
O, fransızca və aşkar hiss edilən Elzas ləhcəsində qətiyyətlə əmr etdi ki, karetdən düşsünlər.
– Cənablar, düşməyiniz münasib deyilmi?
Həmişə itaət etməyə öyrənmiş rahibələr hamıdan əvvəl səssiz-səmirsiz karetdən düşdülər. Sonra qrafla qrafinya göründü, onların arxasınca fabrikantla arvadı, daha sonra öz qamətli arvadını irəli itələyən Luazo düşdü. Düşən kimi də nəzakətli olduğu üçün yox, qorxusundan zabitə salam verdi:
– Axşamınız xeyir, cənab.
Zabit bir qəsbkar həyasızlığı ilə ona baxdı və heç nə demədi.
Gonbul ilə Kornyude qapının ağzında otursalar da, hamıdan sonra çıxdılar və düşmənin önündə özlərini şax tutdular. Gonbul özünü ələ almağa və sakit aparmağa çalışırdı. Demokrat xəfifcə titrəyən barmaqları ilə uzun, sarımtıl saqqalını faciəli şəkildə didişdirirdi. Onlar öz ləyaqətlərini saxlamaq istəyirdilər və başa düşürdülər ki, belə şəraitdə, burada qismən də olsa vətəni təmsil edirlər; elə ona görə də yol yoldaşlarının üzüyolalığı onları qəzəbləndirirdi. Gonbul özünü nəcabətli xanımlardan daha məğrur aparırdı, Kornyude isə yolları qazdırmağa başladığı vaxtdan boynuna müqavimət hərəkatının başçılığını götürdüyünü nəzərə çarpdırmaq və başqalarına nümunə olmaq məqsədilə özünü çəkir və bütün görkəmi ilə şax qalmaq istəyirdi.
Hamı karvansaranın geniş mətbəxinə gəldi; alman zabiti sərnişinlərin adı, soyadı, peşəsi, əlamətləri qeyd olunan Ruan komendantının verdiyi icazə kağızını aldı və kağızda yazılan nişanələri – adamların həqiqi əlamətlərini yoxlamaq məqsədilə bir-bir, uzun-uzadı, diqqətlə onların üzünə baxdı.
Sonra qətiyyətlə “yaxşı” dedi və bayıra çıxdı.
Sərnişinlər nəfəslərini dərdilər. Acmışdılar, yemək sifariş etdilər. Xörəyin hazırlanması yarım saat çəkdi, iki qulluqçu qız cidd-cəhdlə biş-düşlə məşğul olduqları vaxt sərnişinlər binaya baxmağa getdilər. Otaqlar, sonu qəribə və müəmmalı bir otağın şüşə qapısında qurtaran uzun dəhlizboyu cərgələnmişdi.
Nəhayət, yemək hazır olub adamlar süfrə arxasına əyləşən zaman vaxtilə at alveri edən karvansara sahibinin özü də göründü. Bu, astma xəstəliyinə tutulmuş kök bir kişi idi. Sinəsi daim xışıldayır, bəlğəm boğazında poqquldayırdı. Atasının soyadını götürmüşdü: Folanvi[11 - Fransızca “Fotlenvi Faite envi!” (çılğın arzu) kimi səslənir.].
– Madmazel Elizabet Russe kimdir? – deyə soruşdu.
Gonbul diksindi və qanrılıb baxdı:
– Mənəm.
– Madmazel, prus zabiti dərhal sizinlə danışmaq istəyir.
– Mənimlə?
– Madam ki madmazel Elizabet Russe sizsiniz, demək, sizinlə.
Qız özünü itirdi, ani olaraq nəsə düşündü və qətiyyətlə dilləndi:
– Bir bu çatmırdı!.. Getmirəm!
Ətrafdakılar həyəcanlandılar. Belə bir təklifin səbəbini bilməyə çalışdılar. Mübahisə başlandı. Qraf qıza yaxınlaşdı:
– Düz eləmirsiniz, xanım, ona görə ki sizin rədd cavabınız təkcə özünüzə yox, yol yoldaşlarınıza da zərər vura bilər. Heç vaxt sizdən güclü olan adama müqavimət göstərməyin. Şübhəsiz, bu çağırışda elə bir qorxulu şey yoxdur, yəqin, elə-belə, rəsmiyyət üçündür.
Hamı qrafın səsinə səs verdi. Qızı dilə tutdular, yalvarıb-yaxardılar, öyüd-nəsihət verdilər və nəhayət, inandırdılar. Axı hamı belə bir axmaq hərəkətdən sonra vəziyyətin mürəkkəbləşə biləcəyindən qorxurdu.
Nəhayət, Gonbul dilləndi:
– Yaxşı, razıyam, ancaq yadınızda saxlayın, yalnız sizə görə razılıq verirəm.
Qrafinya onun əlini sıxdı:
– Bilirsinizmi, sizə nə qədər minnətdarıq!
Gonbul getdi. Hamı yenidən süfrə arxasına əyləşmək üçün onun otaqdan çıxmasını gözlədi.
Hamı zabitin onu yox, məhz bu hirsli, kəmhövsələ qızı çağırmasından dilxor olmuşdu və əgər, işdir, onları çağırmalı olsa, xəyallarında cavab vermək üçün şit-şit cavablar hazırlayırdılar.
Nəhayət, on dəqiqədən sonra Gonbul qayıtdı. Onun sifəti qıpqırmızı idi, həyəcandan güclə nəfəs alırdı, özündən çıxmışdı və öz-özünə söylənirdi:
– Əclafın biri əclaf, bir bunun iştahından keçənə bax!
Nə baş verdiyini bilmək üçün hamı qızın üstünə atıldı. Amma o, bir kəlmə də demədi, nəhayət, qraf təkid etdikdə böyük bir ləyaqətlə:
– Bunun sizə dəxli yoxdur, – deyə cavab verdi, – mən onun sözlərini sizə deyə bilmərəm.
Belə olduqda hamı içindən ətrafa kələm qoxusu yayılan iri kasanın ətrafına cəmləşdi. Belə bir həyəcanlı hadisənin baş verməsinə baxmayaraq, iştahla çörək yedilər. Alma şərabı ləzzətli idi və Luazo ilə arvadı, həmçinin rahibələr bu ləzzətdən tez məhrum olmamaq üçün şərabı qurtum-qurtum içirdilər. Qalanları başqa çaxır sifariş etdilər, Kornyude isə pivə istədi. O özünəməxsus xüsusi bir əda ilə şüşənın tıxacını açar, pivəni köpükləndirər, stəkanı əvvəlcə əyər, sonra yuxarı qaldırıb içkinin rəngini daha yaxşı görmək üçün çırağın işığına tutardı. Kornyude içki içəndə şəraba, ya da pivəyə bulaşıb rəngini dəyişən uzun saqqalı xəfifcə titrəyər, gözünü qıyıb krujkaya zilləyər və bu an elə bil dünyaya ancaq yeganə bir iş üçün – şərab içmək üçün gəldiyini dərk edib vəzifəsini böyük bir ləzzətlə yerinə yetirərdi. O, həyatını dolduran iki böyük ehtirası – şəffaf el[12 - El – içki növü] içməyi və inqilabi fəaliyyəti xəyalən birləşdirir ve birinin dadına baxanda o birini yaddan çıxartmırdı.
Cənab Folanvi arvadı ilə birlikdə stolun lap qurtaracağında oturub şam edirdi. Kişi köhnə parovoz kimi fısıldayırdı. Sinəsi elə xışıldayırdı ki, yemək zamanı ağzını açıb bir söz deyə bilmirdi, amma arvadı bircə an danışığına ara vermirdi. O, prussiyalılara rast gələndən sonra gördüyü bütün məsələlərdən – onların nə etdiklərindən, nə söylədiklərindən danışır və iki oğlu orduda olduğuna görə, həm də prussiyalılar onu böyük xərcə saldıqları üçün onlara nifrət edirdi. Danışanda ən çox da qrafinyaya müraciət edirdi, çünki belə bir nəcabətli qadınla söhbət etməkdən xoşu gəlirdi.
O, gülməli bir şey danışanda səsini alçaldırdı, əri isə tez-tez onun sözünü kəsirdi.
– Madam Folanvi, danışmasan yaxşı olar.
Ancaq o, ərinə əhəmiyyət vermədən sözünə davam edirdi.
– Bəli, xanım, bunlar ancaq donuzu kartofla, kartofu da donuzla yeməkdən başqa bir şey bilmirlər. Onların təmiz, mədəni insanlar olması haqqında deyilənlərə inanmayın. Qətiyyən elə deyil, ayıb olmasın, hər yeri murdarlayırlar. Siz onların bütün günü, səhərdən axşama qədər necə təlim keçdiklərini bircə görəydiniz: hamısı düzənliyə yığışır, sonra irəli-geri gedir, o yana dönür, bu yana gəlirlər. Bundansa yaxşı olardı ki, evlərində oturaydılar, yer şumlayaydılar, yol salaydılar. Eh, xanım, hələ dünyada bu hərbçilərdən heç kəs xeyir görməyib. Əlindən adam öldürməkdən başqa heç bir iş gəlməyən bu adamlara bilmirəm bu bədbəxt camaat niyə müftə yerə çörək verir? Mən savadsız qoca arvadam, mən heç, amma səhərdən axşama qədər onların əldən düşərək ayaq döydüklərini görəndə öz-özümə fikirləşirəm: “Bax elə adamlar var ki, camaata xeyir verməkdən ötrü cürbəcür kəşflər edirlər, bəs belələri – xalqa ziyan vurmaqdan ötrü dəridən-qabıqdan çıxanlar kimə və nəyə lazımdır?” Məgər kim olur-olsun – istər prus, istər ingilis, istər polyak, istərsə də fransız olsun, adam öldürmək mənfurluq deyilmi? Əgər səni bir adam təhqir etdiyinə görə ondan intiqam alıb öldürürsənsə, sənə cəza verirlər, demək, adam öldürmək pis şeydir, amma bizim övladlarımızı quş kimi qırıb tökürlər, buna heç kəs heç nə demir, əksinə, çoxlu adam öldürənlərə orden verirlər. Demək, onlar yaxşı iş görürlər? Yox, elə deyil, bilirsinizmi, mən bu işlərdən heç nə başa düşə bilmirəm.
Kornyude ucadan dilləndi:
– Dinc dolanan qonşuya hücum edib müharibə başlamaq vəhşilikdir, amma vətəni müdafiə etmək müqəddəs borcdur.
Qarı başını aşağı saldı.
– Düzdür, vətəni müdafiə etmək lazımdır, amma öz xeyri üçün müharibə törədən kralların hamısını qırmaqdan yaxşı şey yoxdur.
Kornyudenin gözləri oynadı:
– Afərin, xanım! – deyə qışqırdı.
Cənab Karre-Lamadon çaşıb-qalmışdı. O, məşhur sərkərdələri ilahiləşdirib pərəstiş etsə də, bu qoca kəndli arvadının sözlərindəki ağıllı fikirləri dinlədikdən sonra düşünməyə məcbur olurdu ki, doğrudan da, bu saat mənasız yerə çəkilən zəhmətlər gərəkli bir işə sərf edilsə, qurub-yaratmaq əvəzinə vurub-dağıdan əllər xeyirli bir işdən yapışsa, boş yerə çəkilən zəhmətlərin hamısı həyata keçirilməsi üçün yüz illərlə vaxt lazım olan böyük işlərə sərf edilsə, insanlara nə qədər firavanlıq gətirərdi.
Luazo yerindən qalxdı, aşxana sahibinin yanında oturdu və pıçıltı ilə danışmağa başladı. Yekəqarın aşxana sahibi qonşusunun zarafatından qəşş etdi, boğulub öskürdü, güldükcə piyli qarnı atılıb-düşməyə başladı. Aşxana sahibi ilə Luazo dərhal sövdələşdilər. Aşxana sahibi ondan altı çəllək Bordo şərabı aldı və qərara gəldi ki, yazda gətirər. O əmin idi ki, prussiyalılar yaza qədər çıxıb gedəcəklər.
Yemək qurtaran kimi sərnişinlər dağılışıb yatmağa getdilər.
Bəzi şeylərə göz qoyan və ürəyinə şübhə daman Luazo arvadını yorğan-döşəyə uzandırdıqdan sonra astaca qapıya yaxınlaşdı, gah açar yerindən bayıra baxdı, gah qulağını deşiyə yaxınlaşdırıb dinlədi və özünün dediyi kimi, “dəhlizin sirrini” öyrənməyə çalışdı.
Təxminən bir saatdan sonra şıqqıltı eşitdi, tez açar yerindən baxdı, mavi kişmiri parçadan ağ krujevalı xalat geymiş və bu paltarda daha yaraşıqlı görünən Gonbulu gördü. Onun əlində şam vardı və dəhlizin sonundakı müəmmalı otağa doğru gedirdi. Elə bu vaxt lap yaxındakı qapılardan biri açıldı və azacıq sonra Gonbul geri qayıdanda aşırmalı şalvar geyinmiş Kornyude qızın dalınca düşdü. Onlar pıçıldaşdılar və dayandılar. Belə başa düşmək olardı ki, Gonbul öz qapısını ləyaqətlə qoruyur və heç kəsi içəri buraxmaq istəmir. Çox təəssüf ki, Luazo onların nə danışdığını ayırd edə bilmirdi. Amma azacıq sonra onların səsi ucaldı və Luazo bəzi sözləri aydın eşitdi. Kornyude qızı dilə tuturdu, onu yola gətirməyə çalışırdı:
– Bura bax, axmaqlıq eləmə, burada nə var ki?
Onun bu hərəkətinə Gonbul açıq-açığına hirslənmişdi:
– Yox, mənim əzizim, elə anlar olur ki, belə şeylərə yol vermək olmur. İndiki halda, bu vəziyyətdə belə şeyə yol vermək isə ən azı rüsvayçılıqdır.
O, deyəsən, qızın dediklərini başa düşmədi və “axı niyə?” deyə soruşdu. Gonbul onun sözlərini eşidəndə açıq-aşkar hirslənib səsini qaldırdı:
– Niyə? Başa düşmürsünüz, niyə? Bəlkə, binada, elə lap qonşu otaqda prussiyalı var?
Kornyude susdu. Fahişə qızın vətənpərvərlikdən doğan bir həya hissi ilə düşmən olan yerdə kişini özünə yaxın qoymamağı, görünür, onda zəifləməkdə olan şəxsi ləyaqət hissini oyatdı, elə buna görə də qızı öpməklə kifayətləndi və səssizcə çıxıb öz otağına getdi.
Bu səhnəyə tamaşadan bədəni istiləşən Luazo açar yerindən uzaqlaşdı, havada ayaqlarını bir-birinə vuraraq hoppandı, gecə papağını geyindi, arvadının yorğanını qaldırıb yanına girdi, onu öpüşlərlə oyatdı və ehtirasdan titrəyən səslə pıçıldadı:
– Canım-ciyərim, sən məni sevirsənmi?
Bundan sonra binaya dərin bir sükut çökdü. Amma azacıq sonra ya çardaqda, ya da zirzəmidə, haradasa şiddətli, yeknəsəq, ahəngdar bir xorultu başladı. Elə bil poqquldayan buxar qazanından boğuq, uzun bir uğultu qopdu. Bu, cənab Folanvinin xorultusu idi.
Səhər saat səkkizdə yola düşmək qərara alındığından düz vaxtında hamı mətbəxə toplaşdı. Lakin üstünə qar yağmış karet həyətin ortasında dayanmışdı. Nə at qoşulmuşdu, nə də faytonçu gözə dəyirdi. Onu tövlədə, samanlıqda, ot tayalarının arasında axtardılar, tapa bilmədilər. Belə olduqda kişilər ətrafı yoxlamağı qərarlaşdılar və karvansaradan çıxdılar. Gəzə-gəzə gəlib bir meydançaya çatdılar. Meydançanın sonunda kilsə, yanlarında isə iki cərgə alçaq evlər vardı. Evlərdə prus əsgərləri görünürdü. Onlar gördülər ki, əsgərlərdən biri kartof soyur, o biri bir az aralıda dəllək dükanının döşəməsini yuyur, üz-gözünü saqqal basmış bir başqası isə ağlayan bir uşağın üzündən öpür, dizinin üstünə alaraq onu sakitləşdirməyə çalışırdı. Ərləri “döyüşən orduda” olan kök kəndli arvadları tez-tez işarələr edib özlərinin müti qaliblərinə nə iş görmək lazım gəldiyini – odun yarmaq, qəhvə əzmək, şorba bişirmək – göstərirdilər. Əsgərlərdən biri hətta qocalıb əldən-ayaqdan düşmüş bir qarının paltarlarını yuyurdu.
Təəccüblənmiş qraf keşişin evindən çıxan bir ruhanidən bunun nə iş olduğunu soruşdu. Kilsənin köhnə qurdu cavab verdi:
– Bu əsgərlər o birilərinə oxşamırlar, sakitdirlər, deyilənə görə, özləri heç prussiyalı da deyillər. Düzünü bilmirəm haradandırlar, ancaq onu bilirəm ki, uzaqdandırlar, bir az o tərəflərdəndirlər. Onların özlərinin də evdə arvad-uşaqları qalıb, həm də müharibədən bir şey qazanmırlar. Yəqin ki, bunların arvadları da orada ərlərindən ötrü göz yaşları axıdırlar. Burada olduğu kimi oralar da qarma-qarışıqlıqdır. Hələlik bizim bu əsgərlərdən şikayətlənməyə əsasımız yoxdur. Bizə bir pislikləri keçməyib, başlarını aşağı salıb öz evlərindəki kimi işləyirlər. Necə olursa olsun, ağa, gərək kasıblar bir-birinin əlindən tutsun… Özünüz yaxşı bilirsiniz ki, müharibəni kasıblar yox, varlılar törədir.
Kornyude qaliblərlə məğlublar arasında yaranan bu cür səmimi ünsiyyətdən hirsləndi, burada faytonçunu axtarmaqdansa qayıdıb aşxanada oturmağı lazım bildi. Luazo zarafatla dedi:
– Onlar doğub-törətməyə kömək edirlər.
Cənab Karre-Lamadon ciddi tərzdə etirazını bildirdi:
– Onlar kainatın boş qalmaması üçün əlləşirlər.
Faytonçu görünmürdü. Nəhayət, onu kənd meyxanasında, bir zabit nökəri ilə oturub qardaşcasına yeyib-içən yerdə tapdılar.
Qraf:
– Məgər sizə saat səkkizdə atları qoşmağı əmr etməyiblər? – deyə soruşdu.
– Bəli, ancaq sonra əmri dəyişdirdilər.
– Nə dedin?
– Dedilər ki, atları heç qoşmayacaqsan.
– Bunu kim əmr edib?
– Necə yəni kim? Prus komendantı.
– Niyə?
– Mən haradan bilim? Gedin özündən soruşun, icazə vermirlər, mən də atları qoşmuram, vəssalam!
– O bunu sənə özü dedi?
– Yox, cənab, əmri onun adından aşxana sahibi dedi.
– Nə vaxt?
– Dünən axşam, yatmazdan əvvəl.
Sərnişinlərin üçü də böyük həyəcanla geri qayıtdı.
Cənab Folanvini çağırmağı qərara aldılar, ancaq qulluqçu qız dedi ki, astması olduğundan o, yuxudan saat ondan tez durmur. Dönə-dönə tapşırıb ki, bircə yanğından başqa, qalan vaxtlarda onu tez oyatmasınlar.
İstədilər zabitlə görüşsünlər, amma o, burada, karvansarada yaşasa da, onunla görüşmək müşkül iş idi, çünki belə məsələlər barədə zabitlə danışmaq ixtiyarı yalnız cənab Folanviyə verilmişdi.
Gözləməyi qərara aldılar. Arvadlar öz otaqlarına çəkilib xırda-xuruş işlər görməyə başladılar.
Kornyude mətbəxdə, alovlanan ocağın yanında yerini rahatladı. O əmr etdi ki, yemək otağından bir stol və bir şüşə pivə gətirsinlər, dərhal da demokratlar arasında sahibi qədər hörmət qazanmış qəlyanını çıxartdı. Elə bil bu qəlyan sahibinə xidmət göstərəndə birbaş vətənin özünə də xidmət göstərirdi. Odadavamlı ağacdan qayrılmış bu qəlyan çoxdan çəkildiyindən sahibinin dişi kimi qaralmışdı, amma əyri müştüklü bu qəlyan indi parıldayırdı, ətrafa ətir saçırdı, sahibinin əlində yaraşıqlı görünürdü, qəlyan ona, o da qəlyana yaraşırdı və onu qəlyansız təsəvvür etmək çətin idi. Gözünü gah ocağın alovuna, gah da pivənin rənginə zilləyib dayanırdı. Hər dəfə pivədən bir qurtum içəndən sonra sümüyü çıxmış uzun barmaqlarını yağlanmış, pırpız saqqalının tükləri arasına salır və dili ilə bığına bulaşmış pivə köpüyünü yalayırdı.
Luazo ayaqlarının üyüşüyünü almaq bəhanəsi ilə karvansaradan çıxdı. Əslində, onun məqsədi yerli alverçilərlə görüşmək və onlarla sövdələşib çaxır satmaq idi. Qrafla fabrikant siyasətdən söhbət etməyə başladılar. Fransanın gələcək taleyi haqqında öz mülahizələrini söylədilər. Biri orleanlara ümid bəsləyirdi, o biri isə ən ağır dəqiqələrdə peyda olacaq xilaskara. Kim bilir, bəlkə, yeni bir dü Geklen, Janna d'Ark və ya I Napoleon meydana çıxacaqdı? Kaş imperatorun oğlu balaca olmayaydı. Kornyude onlara qulaq asaraq taleyin işini əvvəlcədən bilən bir adam kimi gülümsünürdü. Onun qəlyanının iyi mətbəxə dolmuşdu.
Saat onda cənab Folanvi gəldi. Onu dərhal sorğu-suala tutdular. O, eyni sözləri, bir kəlmə də dəyişmədən, bir neçə dəfə təkrar etdi:
– Zabit mənə belə dedi: “Cənab Folanvi, bu sərnişinləri aparan faytonçuya atları qoşmağa icazə verməyin. Mənim xüsusi sərəncamım olmadan onların getməsini istəmirəm”. Başa düşdünüz? Vəssalam.
İş belə olanda zabitin yanına getməyi qərarlaşdırdılar. Qraf ona vizit kağızını göndərdi, cənab Karre-Lamadon da həmin kağıza öz adını, soyadını və bütün rütbələrini yazdı. Prus zabiti cavab göndərdi ki, onları yalnız səhər yeməyindən sonra, yəni saat birdən sonra qəbul edə bilər.
Xanımlar da gəldilər. Qanları qara olsa da, sərnişinlər yüngülcə yemək yedilər. Gonbul, deyəsən, xəstələnmişdi və çox həyəcanlı idi.
Qəhvə içəndən sonra zabitin nökəri qrafla fabrikantın dalınca gəldi.
Luazo onlara qoşuldu və zabitin yanına gedən dəstənin daha əzəmətli görünməsi üçün Kornyudeni də özləri ilə aparmaq istədilər. Ancaq o, almanlarla heç bir danışığa girmək niyyətində olmadığını qürurla elan etdi və bir şüşə də pivə sifariş edib ocağın kənarında əyləşdi.
Üç kişi ikinci mərtəbəyə qalxdı. Zabit onları ən yaxşı otaqda, heç şübhəsiz, evini qoyub qaçmış və o qədər də incə zövqə malik olmayan bir burjua mənzilindən oğurladığı par-par parıldayan xalata bürünmüş halda, uzun saxsı qəlyanını tüstülədə-tüstülədə, ayağını buxarıya dirəyib kresloya yayxanmış vəziyyətdə qəbul etdi. O yerindən tərpənmədi, salamı almadı və heç onların üzünə də baxmadı. O öz hərəkətləri ilə qalib pruslara məxsus böyük bir ədəbsiz olduğunu nümayiş etdirirdi və nəhayət, dilləndi:
– Siz nə istəyirsiniz?
Qraf cavab verdi:
– Cənab, biz getmək istəyirik.
– Olmaz.
– Cəsarət edirəm, bunun səbəbini bilmək olar?
– Kefim belə istəyir.
– Cənab, cəsarət edirəm, ehtiramla nəzərinizə çatdırmaq istəyirəm ki, sizin komendant bizə Dyeppə qədər getməyə icazə vermişdir və biz, zənnimcə, sizi bu qədər qəzəbləndirən, belə bir ciddi qərar verməyinizə səbəb olan elə bir pis iş görməmişik.
– Kefim belə istəyir, vəssalam, gedə bilərsiniz.
Hər üçü baş əyib çıxdı.
Gün darıxdırıcı keçdi. Almanın şıltaqlığı anlaşılmaz idi. Hərənin ağlına bir fikir gəlirdi. Mətbəxdə oturub vəziyyətlərini hey müzakirə edir və arayıb cürbəcür səbəblər tapırdılar. Bəlkə, onları girov saxlamaq istəyirlər? Ancaq nəyə görə, nə səbəbə? Nə məqsədlə? Bəlkə, onları əsir eləmək istəyirlər? Bəlkə də, azad olmaq üçün onlardan çoxluca pul istəyəcəklər? Bu fikirdən dəhşətə gəldilər. Ən çox qorxanlar varlılar oldular. Onlar canlarını qurtarmaq üçün bu həyasız, kobud zabitə qızıl dolu kisələri necə verəcəklərini təsəvvürlərinə gətirdikcə halları xarab olurdu. Onlar varlı olduqlarını gizlətmək, kasıb, həm də lap kasıb adamlar olduqlarını sübut etmək üçün ağlabatan yalanlar uydurmağa çalışdılar. Luazo saatının zəncirini çıxardıb cibində gizlətdi. Hava qaraldıqca onların qorxusu daha da çoxalırdı. Çırağı yandırdılar. Nahar vaxtına hələ iki saat qaldığından xanım Luazo “otuz bir” oynamağı təklif etdi. Bu, bir az onların başını qata bilərdi. Hamı razı oldu. Hətta Kornyude də ədəb və nəzakət naminə qəlyanını söndürüb onlara qoşuldu.
Qraf kartları qarışdırıb payladı, Gonbul dərhal otuz bir xal yığdı. Oyuna başları qarışdı, qorxu yadlarından çıxdı. Ancaq Kornyude gördü ki, Luazo ilə arvadı bir-birinə qaş-göz eləyir və oyunda kələk işlədirlər.
Nahar eləməyə yığışanda cənab Folanvi yenidən göründü. Onun xırıltılı səsi eşidildi:
– Prus zabiti mənə dedi ki, öyrənim, madmazel Elizabet Russe hələ də öz fikrindən dönməyib?
Gonbul yerindəcə donub-qaldı, rəngi ağappaq oldu və sonra qıpqırmızı qızardı. Hirsindən nəfəsi daraldı və dili söz tutmadı. Axırda dözə bilməyib partladı:
– Gedin o murdara, o həyasız prus köpəkoğluna deyin ki, mən onun dediyinə heç vaxt razı ola bilmərəm, eşitdinmi, heç vaxt, heç vaxt, heç vaxt!
Yekəqarın, kök mehmanxana sahibi getdi. Dərhal Gonbulun başına toplaşdılar, hərə bir tərəfdən sual verdi və qızı dilə tutdular ki, zabitlə aralarında olan söhbəti, bu sirri açıb desin. Əvvəlcə Gonbul inad etdi, heç demək istəmədi, amma əsəbləri dözmədi:
– Nə istəyir?.. Nə istəyəcək, mənimlə bir yorğan-döşəkdə yatmaq istəyir, bildinizmi, onun iştahından keçən budur!
Bu sözdən heç kəs pərt olmadı, çünki həddindən artıq hiddətli idilər. Kornyude qəzəbindən krujkanı stola elə hirslə çırpdı ki, krujka çilik-çilik oldu. Bu əclaf zabitin hərəkətləri hamını qeyzləndirdi. Onların qəzəbdən ağızlarından od tökülməyə başladı. Ona, bu həyasız zabitə cavab vermək üçün birləşdilər, elə bil Gonbuldan tələb olunan məsələdə iştirak etmək və hərə öz payını vermək üçün hazır olduqlarını bildirdilər. Qraf ikrah hissi ilə dedi ki, bunlar özlərini qədim vəhşilərdən də pis aparırlar. Xüsusilə qadınlar Gonbulun halına yanıb dərdinə şərik oldular. Öz otaqlarından ancaq yeməkdən-yeməyə çıxan rahibələr başlarını aşağı salıb susdular.
Aradan bir az keçdikdən və əsəbləri bir qədər sakitləşdikdən sonra nahar eləməyə başladılar. Nə qədər çalışdılarsa da, bir sözün ucundan tutub söhbət edə bilmədilər. Hamı düşüncəyə dalmışdı.
Xanımlar nahardan sonra tələsik öz otaqlarına getdilər. Papiros çəkməyə qalan kişilər isə qumar oynamağa başladılar, zabiti inadından döndərmək üçün məsləhət almaq məqsədilə cənab Folanvini də oyuna dəvət etdilər. Amma mehmanxana sahibindən heç nə öyrənə bilmədilər. O heç nə eşitmir, heç kəsə cavab vermir, oyuna girişərək tez-tez:
– Cənablar, oynayın, oyununuzu oynayın! – deyirdi.
O elə qızışmışdı ki, hayxırağını tüpürməyi belə unutmuşdu. Ona görə də dolmuş sinəsi körük kimi xışıldayırdı. Onun sinəsindən cürbəcür səslər çıxırdı. Gah yoğun xırıltı, gah da yenicə banlamaq istəyən xoruzbeçə səsi kimi cır səslər çıxırdı.
Yorğunluqdan ayaq üstə güclə dayanan arvadı dalınca gəlib onu yatmağa çağıranda da Folanvi getmədi. Arvadın əlacı kəsilib özü təkcə yatmağa yollandı, çünki o, budaqda yatan quş kimi səhər tezdən, gün doğmamış yuxudan durardı. Əri isə gec yatar, dostları ilə lap səhərə qədər oturmağı sevərdi. Folanvi arvadının arxasınca: “Mənə qoqlu-moqlu çal və sobanın üstünə qoy”, – deyə qışqırdı və yenə də oynamağa başladı. Sərnişinlər ondan söz qoparmağın mümkün olmadığını gördükdə yatmağın vaxtı çatdığını qərara aldılar və dağılışıb hər kəs öz otağına getdi.
Bu iyrənc karvansarada bir gün də ləngiyə biləcəklərindən qorxuya düşən və ona görə də getmək arzusu daha da şiddətlənən sərnişinlər ertəsi gün, ümidləri az olsa da, səhər tezdən oyandılar. Əfsus ki, atlar yenə tövlədə idi və faytonçu gözə dəymirdi. Əlacsız qalıb karetin ətrafında xeyli dolandılar.
İştahsız və könülsüz halda səhər çörəyini yedilər. Hiss olunurdu ki, Gonbula münasibət bir az soyumuşdu, deyəsən, gecə götür-qoy etmişdilər və fikirlər dəyişmişdi. İndi, demək olar, onların hamısı qızın necə xəlvətcə prus zabiti ilə görüşüb yoldaşlarının oyanmasına qədər xoş bir sürpriz hazırlamadığına görə hirslənmişdi. Burada çətin nə vardı ki? Bir də bu işdən axı kim xəbər tutacaqdı? O, prus zabitinə el gözünə deyə bilərdi ki, bu işə məyuslaşmış yol yoldaşlarının xatirinə razılıq verir. Bu, Gonbuldan ötrü çox asan və mənasız işdir. Ancaq hələ heç kəs ağlından belə şeylər keçdiyini boynuna almaq istəmirdi.
Günortadan sonra darıxıb əldən düşdüklərinə görə qraf bir az çıxıb dolanmağı təklif etdi. Buxarının qırağında oturmağı hər şeydən üstün tutan Kornyude və bütün günü kilsədə, ya da keşişin yanında keçirən rahibələrdən başqa qalanları möhkəmcə bürünərək yola düşdülər.
Gündən-günə şiddətlənən şaxta qulaqları, burunları kəsirdi. Ayaqları donduğundan addım ata bilmirdilər. Düzənliyə çatanda ağ örtük altına sərilmiş çöllər elə məşum göründü ki, dərhal onları qüssə bürüdü, ürəkləri sıxıldı və geri döndülər. Xanımlar qabağa düşdülər, üç kişi isə onların dalınca addımladı. Vəziyyəti gözəl başa düşən Luazo birdən:
– Bu fahişənin ucbatından biz bu viranxanada çoxmu qalacağıq? – deyə soruşdu.
Həmişə ədəb-ərkan gözləyən qraf:
– Belə bir təhqiramiz işə qadını məcbur etmək olmaz, – dedi. – Bu iş gərək xoşluqla olsun, onun öz razılığı ilə.
Ancaq cənab Korre-Lamadon qeyd etdi ki, əgər deyilən kimi olsa, yəni fransızlar Dyepdən keçib əks-hücuma başlasalar, vuruşma mütləq Totda olacaq. Bu fikir onun müsahiblərini qorxuya saldı.
– Piyada qaçıb getsək, necə olar? – deyə Luazo dilləndi.
Qraf çiyinlərini çəkdi:
– Nə danışırsınız, belə qarlı havada, özü də arvadlarla? Bundan başqa, dərhal dalımızca adam göndərər, onca dəqiqədən sonra tutub əsir alarlar və bizi əsgərlərin ixtiyarına verərlər.
Bu söz ağlabatan idi. Hamı susdu.
Xanımlar geyim-kecimdən söhbət edirdilər. Amma deyəsən, aralarında pərtlik vardı.
Birdən küçələrin qurtaracağında bir zabit göründü. Üfüqə qədər uzanan qarlı çöllərin işığında onun eşşəkarısına oxşayan uzun bədəni aydınca seçilirdi. O, silinib təmizlənmiş uzunboğaz çəkmələrinin palçığa bulanmasından ehtiyat edən bir hərbçi vərdişi ilə dizlərini qatlaya-qatlaya irəliləyirdi.
Zabit xanımlara yaxınlaşanda təzim etdi və kişilərə şübhə ilə baxdı. Onlar isə şəxsi ləyaqətlərini saxlayıb şlyapalarını çıxartmadılar. Təkcə Luazo az qalmışdı ki, əlini papağına uzatsın.
Gonbul qulağının dibinəcən qızardı. Onunla yanaşı gedən ərli üç xanım isə kobud zabitin onları bir yataqda yatmaq istədiyi küçə qızı ilə bir yerdə görməsindən özlərini təhqir olunmuş sayırdılar.
Dərhal zabitin görkəmi, onun sir-sifəti, boy-buxunu haqqında söhbətə başladılar. Həyatı boyu çox zabitlər görüb yola salan və onların yaxşı-pisindən başı çıxan xanım Karre-Lamadon dedi ki, bu prus zabiti o qədər də pis kişi deyil, hətta təəssüfləndi ki, əgər o, fransız olsaydı, arvadların ağlını yerindən oynadan gözəl bir qusar ola bilərdi.
Gəzintidən qayıtdıqdan sonra bilmədilər nə iş görsünlər. Hətta hər balaca, mənasız məsələdən ötrü bir-birini acılamağa başladılar. Sakitcə və tələsik nahar etdilər və dərhal da otaqlara dağılışıb yatmağa getdilər ki, vaxtı öldürsünlər.
Ertəsi gün səhər tezdən, sərnişinlər yuxudan durub yemək otağına toplaşanda yorğun və qəzəbli görkəmləri vardı. Xanımlar Gonbulun üzünə baxıb onunla kəlmə belə kəsmək istəmədilər.
Kilsə zəngi çalındı. Deyəsən, uşaqları xaç suyuna çəkmək mərasimi olacaqdı. Gonbulun bir uşağı vardı. İvetoda bir kəndli qadınına saxlamağa vermişdi. Onun üzünü ildə bircə dəfə ancaq görürdü və çalışırdı ki, balasını yadına salmasın. Amma indi kilsədə zəng sədaları altında kiminsə körpə uşağının xaç suyuna çəkiləcəyini bildikdə birdən-birə Gonbulun qəlbində doğma balasına qarşı mehriban analıq duyğusu baş qaldırdı və kilsədə keçirilən ayində mütləq iştirak etmək fikrinə düşdü.
Gonbul gedən kimi otaqdakılar bir-birinin üzünə baxdılar və dərhal qərara gəlmək vaxtının çatdığını hiss edərək baş-başa verdilər. Luazonun beyninə belə bir fikir gəldi: prus zabitinə demək lazımdır ki, təkcə Gonbulu tutub saxlasın, qalanlarına isə getməyə icazə versin.
Cənab Folanvi onların sözünü zabitə çatdırmağa razı olub yuxarı çıxdı və dərhal da geri qayıtdı. İnsanların təbiətinə yaxşı bələd olan prussiyalı mehmanxana sahibini qapıdan qovmuş və demişdi ki, onun arzusu yerinə yetirilməyincə sərnişinlərin heç birini buraxan deyil.
Bu sözü eşidən kimi xanım Luazonun mərifəti bütün çılpaqlığı ilə meydana çıxdı:
– Biz burada qocalana qədər oturub gözləyəsi ha deyilik? Bu qəhbənin sənəti rastına gələn kişilərlə bir yorğan-döşəkdə yatıb durmaq deyilmi, indi niyə özünü çəkir, niyə zabitin təklifini rədd edir, buna onun nə ixtiyarı var? Sən bir buna bax, Ruanda yorğanın altına salmadığı kişi qalmayıb, üzü üzlər görüb, hətta faytonçularla yatıb durub, indi buna nə olub? Bəli, xanımlar, mən onun dabbağda gönünə bələdəm, onu lap yaxşı tanıyıram, həmişə bizim dükandan çaxır alır, öz gözümlə görmüşəm onun faytonçularla mazaqlaşdığını! Amma indi, bizi bu vəziyyətdən çıxartmaq lazım olanda bu həyasız özünü xam qız kimi aparır. Zabit çox mərifətli adamdır. Hər şey onun əlindədir. İstəsə, elə lap bizim üçümüzdən birini seçə bilərdi, amma o, bütün kişilərin altına yıxılmağa hazır olan bu tərbiyəsizdən yapışıb. Kişi qanacaqlı adamdır, ərli qadınlara hörmət eləyir, yoxsa ixtiyar sahibidir, nə istəsə edə bilər. Bircə dəfə "mən bunu istəyirəm” desə, bizi əsgərlərin qabağına salıb yanına apartdırar və zora salıb başımıza istədiyi oyunu aça bilər.
Xanımlar diksindilər. Qəşəng xanım Karre-Lamadonun gözləri parıldadı, rəngi ağardı, ona elə gəldi ki, prus zabiti onu bu saat zorlayır.
Kənarda söhbət eləyən kişilər qadınlara yaxınlaşdılar. Luazo özündən çıxmışdı və bu yaramaz qızın əl-ayağını sarıyıb düşmənə verməyə hazırdı. Ancaq üç arxadan dolananları səfir olan və zahiri görkəmindən diplomatı xatırladan qraf incə bir yolla hərəkət etməyin tərəfdarı idi:
– Qızı yola gətirmək lazımdır.
Bununla da onlar sözü bir yerə qoydular.
Arvadlar baş-başa verdilər. Səslərini alçaltdılar və hər kəs öz fikrini söyləməyə başladı, özü də hər şeyi qaydasında elədilər. Ən pis, nalayiq işlərdən danışanda da çox incə ifadələr tapıb işlədir və ədəblə danışırdılar. Onlar sözləri elə ehtiyat və diqqətlə seçirdilər ki, işdən hali olmayan adam onların danışığından heç nə başa düşə bilməzdi. Əslində, kübar qadınlarının büründükləri nazik ismət və həya örtüyü ancaq zahiri görkəm və gözdən pərdə asmaq üçündür. İndi isə onlar özlərini çox sərbəst hiss edir, prus zabiti ilə Gonbulun əhvalatından əməlli-başlı ləzzət alır, ürəklərində əylənir və başqasına yemək hazırlayan aşxana aşpazı ehtirası ilə bu məhəbbət əhvalatını quraşdırırdılar.
Bütün bu əhvalatlar o qədər əyləncəli və ləzzətli idi ki, sərnişinlərin kefi açılmışdı. Qraf, əslində, çox şit zarafatlar edirdi. Ancaq bu zarafatlara elə incə don geydirirdi ki, hamı gülümsünürdü. Luazo da bir neçə dəfə açıq, ikibaşlı atmaca atdı. Onun belə bayağı sözlərindən heç kəs incimədi. Hamı xanım Luazonun kobud şəkildə dediyi “Bu qəhbənin sənəti kişilərlə bir yorğan-döşəkdə yatmaq deyilmi, indi özünü niyə çəkir?” sözləri düşünür və bu barədə fikirləşirdi. Qəşəng xanım Karre-Lamadon hətta deyəsən, “Gonbulun yerinə mən olsaydım, başqalarını rədd etsəm də, bu prus zabitinin sözünü yerə salmazdım”, – deyə xəyalından keçirdi də.
Sui-qəsdçilər elə bil mühasirəyə salınmış bir qalanı alacaqlarmış kimi uzun-uzadı tədbirlər tökürdülər. Hərə boynuna bir iş götürürdü və kimin nə vaxt, nə cür hərəkət edəcəyi, nə kimi inandırıcı sözlər tapıb söyləyəcəyi haqqında əvvəlcədən şərtləşirdilər. Cürbəcür hücumlar düzəltmək, gözlənilməz basqınlar etmək, kələklər qurmaq haqqında əməlli-başlı tədbir tökürdülər ki, bu canlı qalanı düşmənə təslim olmağa məcbur etsinlər. Təkcə Kornyude əvvəlki kimi kənarda dayanaraq bu sui-qəsddə iştirak etmirdi.
Onların başı bu işə o qədər qarışmışdı ki, Gonbulun içəri girməsindən xəbər tutmadılar. Təkcə qraf bunu gördü və “sss” deyə yoldaşlarını xəbərdar etdi. Onlar gözlərini qıza zillədilər. Gonbul onların qarşısında dayanmışdı. Qızın yol yoldaşları özlərini itirib səslərini kəsdilər və bir xeyli ağızlarını açıb ona söz deyə bilmədilər. Kübar saxtakarlığına başqalarından daha çox bələd olan qrafinya:
– Xaç suyuna çəkilmə mərasimində maraqlı bir şey vardımı? – deyə soruşdu.
Hələ də gördüklərinin təsirindən xilas ola bilməyən Gonbul hamısını – kilsəni, adamları, onların sir-sifətini, oturuş-duruşunu yoldaşlarına təsvir etdi və axırda:
– Bəzən ibadət etmək adama elə ləzzət verir ki, – deyə əlavə etdi.
Xanımlar səhər yeməyinə qədər onun ürəyini almaq, sonra da yola gətirmək ümidi ilə qızla çox ehtiyatla davrandılar. Ancaq yemək stolunun arxasına keçən kimi hücuma başladılar. Əvvəlcə ümumən fədakarlıqdan danışdılar. Qədim dövrlərdən misallar gətirdilər, Yudif və Oloferni yada saldılar, sonra heç dəxli olmadığı halda Lukretsi və Sekstin adını çəkdilər, daha sonra isə bütün düşmən sərkərdələri yatağına salıb öz əsirinə çevirən Kleopatranı xatırladılar, bu tərbiyəsiz milyonerlər hətta Kapuaya gedib öz ağuşlarında Hannibalı, onun sərkərdələrini və muzdlu əsgərləri oxşayan Roma qadınları haqqında öz təsəvvürlərində canlandırdıqları əfsanəvi əhvalatları danışdılar, sonra öz bədənlərini qüdrətli silaha, hökmranlıq alətinə, döyüş meydanına çevirən, öz fədakar nəvazişləri ilə eybəcərləri, ya da nifrət etdikləri hökmdarları özünə ram edən, öz ismət və bakirəliklərini intiqam hissinə qurban verən bütün cəsur qadınlardan söhbət etdilər.
Həmçinin kübar ailəsindən olan bir ingilis xanımının Bonapartı pis xəstəliyə salmaq məqsədilə qəsdən özünü xəstələndirməsi və məşum görüş vaxtı qəribə təsadüfün – Bonapartın birdən-birə haldan düşməsi nəticəsində bu bəladan xilas olması haqqında dumanlı bir əhvalat da danışdılar.
Bütün söhbətlər çox incə şəkildə, ədəb dairəsində aparılırdı. Ancaq hərdənbir söhbəti daha da qızışdırmaq məqsədilə qəsdən valehedici, heyranlıq bildirən səslər çıxarılırdı.
Deyilənlərdən belə nəticəyə gəlmək olurdu ki, qadınlar ancaq arasıkəsilməyən fədakarlıqlar və yer üzündə yalnız murdar əsgərlərə kef vermək üçün yaranıblar.
Rahibələr özlərini elə aparırdılar ki, guya dərin fikrə gediblər və heç nə eşitmirlər. Gonbul susurdu.
Ona düz bir gün fikirləşməyə imkan verdilər. Amma indi ona əvvəlki kimi “madam” deyə yox, sadəcə, “madmazel” deyə müraciət edirdilər. Amma heç kəs nə üçün belə etdiklərinin səbəbini əməlli-başlı bilmirdi. Çox ehtimal ki, qızın yol yoldaşları arasında əldə etdiyi hörmətini bir qədər itirdiyini və peşəsinin biabırçı bir iş olduğunu onun nəzərinə çatdırmaq istəyirdilər.
Süfrəyə şorba verilən kimi cənab Folanvi göründü və əvvəlki sualını təkrar etdi:
– Prus zabiti soruşur ki, madmazel Elizabet Russe öz fikrini hələ dəyişməyib ki?
Gonbul qəti cavab verdi:
– Yox.
Nahar vaxtı təşkil olunmuş ittifaq zəifləməyə başladı. Luazo bir neçə yersiz söz işlətdi. Dəridən-qabıqdan çıxaraq hərə yeni bir yol axtarır, yeni bir şey fikirləşib tapmağa çalışır və qızın iradəsini qırmaq üçün yeni ibrətamiz bir nümunə tapmağa çalışırdı, lakin heç nə fikirləşə bilmirdilər. Elə bu vaxt qrafinya təsadüfənmi, yoxsa dumanlı şəkildə də olsa dinə hörmət etmək niyyəti iləmi, nədənsə, müqəddəslərin ibrətamiz həyat tərzlərinə toxunaraq yaşlı rahibəyə müraciət etdi. Axı müqəddəslərin çoxu elə işlər görüblər ki, bu işlər bizim gözümüzdə cinayət hesab edilə bilərdi, amma bu işlər Allah yolunda və ən yaxın adamlarına kömək məqsədilə edilibsə, kilsə onların günahından dərhal keçib. Bu, çox güclü dəlil idi, qrafinya bundan istifadə etdi. Bax bunun ruhaniliyə xas olan üstüörtülü razılıq hissindənmi, yoxsa xoşbəxt bir axmaqlıq üzündənmi, yoxsa səfehcəsinə baş verən xilaskarlıq duyğusundanmı, nədənsə qoca rahibə qıza qarşı edilmiş incəlik və tədbirlə düzəlmiş sui-qəsdi şiddətlə müdafiə etdi. Rahibəni utancaq hesab edirdilər. Sən demə, o, çənədən yaman saz, amansız və fikrindən dönməz imiş. Danışılan hadisələr arasındakı incə, eyhamlı əlaqə onu narahat etmirdi. Onun iradəsi dəmir kimi idi. Əqidəsi möhkəm, vicdanı şübhədən uzaq idi. O, İbrahimin verdiyi qurbanı çox təbii hesab edirdi. Çünki hətta göylərdən əmr olsaydı, o öz əlləri ilə ata-anasını da öldürərdi. Onun fikrincə, xeyirxah bir niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb ola bilməz. Qrafinya gözlənilmədən onu müdafiə edən bu dini müttəfiqinin dediklərindən çox istifadə etmək məqsədilə rahibəni daha çox “Məqsəd vasitəyə bəraət qazandırır” kimi adi, əxlaqi aksiomdan ibrətamiz izahat və nəticə çıxartmağa doğru yönəldir və tez-tez belə suallar verirdi:
– Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədilə işlənibsə, Allah onu bağışlayır, eləmi?
– Buna heç şübhə eləmək olarmı, xanım? Əslində, məzəmmətə layiq olan bir sıra hərəkətlər xoş niyyətlə edildiyinə görə təriflənir.
Onlar elə bu cür – Allahın iradəsini əvvəlcədən duymağa, onun verəcəyi qərarı qabaqcadan bilməyə və Allahın ona heç bir dəxli olmayan işlərə qarışacağını yəqin etməyə çalışa-çalışa söhbətlərinə davam etdilər.
Bütün bunlar üstüörtülü şəkildə, ustalıqla, ədəb dairəsində edilirdi. Ancaq rahibə libaslı bu mömin qadının dediyi hər söz Gonbulun iradəsini sarsıdır, inadını sındırırdı. Sonra söhbətin mövzusu bir qədər dəyişdi, rahibə təsbehini asta-asta çevirərək mənsub olduğu ordenin monastırlarından, baş rahiblərindən, özündən, müqəddəs Nikifor cəmiyyətinin sevimli bacısı – rahibəsi olan yanındakı cavan rahibədən danışdı, onları Havra hərbi xəstəxanalarda yatan çiçək xəstəliyinə tutulmuş əsgərlərə yardım göstərməyə, qulluq etməyə çağırmışdılar. Rahibə xəstəlik haqqında dəqiq söhbət açıb bədbəxt əsgərlərdən danışırdı. Bir prus zabitinin şıltaqlığına görə onlar burada qalıblar. Amma vaxtında çatsaydılar, bəlkə də bu rahibələr neçə fransıza şəfa verər, onları ölümdən qurtarardılar. Hərbçiləri müalicə etmək onların sənəti idi. O, Krımda, İtaliyada, Avstriyada olmuşdu. O öz işlərindən danışa-danışa sübut edirdi ki, qoşun arxasınca gedən, qızğın döyüş zamanı yaralıları xilas edən, ipə-sapa yatmayan əsgərləri bircə sözlə, onların öz komandirlərindən də yaxşı sakitləşdirməyi bacaran cəsur, qorxmaz rahibələrdən biridir. Sübut edirdi ki, o, əsl şəfqət bacısıdır. Onun eybəcərləşmiş çopur-çopur sifəti elə bil müharibənin dəhşətlərinin nəticəsini sübut edən bir nümunə idi.
Onun dedikləri elə bir təsir göstərmişdi ki, heç kəs dinib-danışmırdı.
Yeməkdən sonra tələm-tələsik dağılışıb öz otaqlarına çəkildilər və ancaq ertəsi gün, gün xeyli qalxandan sonra bayıra çıxdılar.
Səhər yeməyi çox sakit keçdi. Hamı dünən səpdikləri toxumun cücərməsini və meyvəsini gözləyirdi.
Günorta qrafinya gəzməyə çıxmağı təklif eldi. Qraf, əvvəlcədən şərtləşdikləri kimi, Gonbulun qoluna girdi, camaatdan bir az aralayıb dala qaldı.
O, yenilməz ləyaqətindən, yüksək ictimai vəziyyətindən tənəzzül edərək Gonbulla küçə qızları ilə söhbət edən, onlara “mənim əziz balam” deyən təmkinli kişilər kimi açıq, saymazyana, atasayağı söhbət edirdi. O, dərhal məsələnin mahiyyətini izah etdi:
– Demək, siz, işdir-şayəd, prus ordusu məğlub olsa, özünüzü də, bizi də hər cür təhqirə, zorakılığa mütləq düçar etmək üçün burada saxlamaq niyyətindəsiniz? Siz bütün bunlara dözməyə hazırsınız? Ona görə ki yumşaqlıq, lütfkarlıq eləmək istəmirsiniz, eləmi? Halbuki ömrünüz boyu kişilərə yumşaqlıq eləmisiniz.
Gonbul heç nə demədi.
Qraf qıza öz dəlilləri, hissiyyatı və nəvazişi ilə təsir göstərirdi. O özünü həm qraf kimi aparmağı bacarır, həm də nəzakətli olmağı, füsunkarcasına təsir göstərməyi, şirin sözlər yağdırmağı bacarırdı. Qraf qızın edə biləcəyi yaxşılığı şişirdir, özlərinin minnətdarlığını əvvəlcədən bildirirdi.
Qraf birdən qıza “sən” deyə müraciət etməyə başladı.
– Bilirsənmi, əzizim, prus zabiti səninlə yaxınlıq etdikdən sonra ilk dəfə lovğalanacaq ki, ömründə belə bir qız görməyib. Onun vətənində belə qıza çox az təsadüf etmək olar.
Gonbul heç nə demədi, dərhal sürətini artırıb qabaqda gedən yoldaşlarına çatdı.
Geri qayıdan kimi o öz otağına çəkildi və bir daha gözə görünmədi. Hamı bərk narahat oldu. Görəsən, nə qərara gələcək?
Əgər inadından dönməsə, evimiz yıxıldı.
Nahar vaxtı çatdı, hamı intizarla qızı gözlədi. Nəhayət, cənab Folanvi gəldi və xəbər verdi ki, madmazel Russe özünü pis hiss edir, onu gözləməyib nahara başlamaq olar. Hamı ehtiyat eləməyə başladı. Axırda qraf mehmanxana sahibinə yaxınlaşdı və pıçıltı ilə soruşdu:
– Razı oldu?
– Hə.
Nəzakət naminə yoldaşlarına heç nə demədi, yüngülcə başını tərpətməklə kifayətləndi. Dərhal nəfəslərini dərib yüngülləşdilər və sir-sifətləri açıldı.
Luazo bağırdı:
– Tra-lya-lya-lya! Əgər bu aşxanada şampan şərabı varsa, gətirin, pulunu özüm verəcəyəm.
Mehmanxana sahibi əlində dörd şüşə şərab gələndə xanım Luazonun ürəyi sıxıldı. Amma başqalarının qaşqabağı açıldı, deyib-gülməyə, zarafata başladılar. Ürəklərində sevinc coşub-daşdı. Qraf sanki xanım Karre-Lamadonun qəşəng olduğunun fərqinə indicə vardı; fabrikant qrafinyaya qulluq etməyə başladı. Söhbət qızışdı, getdikcə daha canlı şəkil aldı, mənalı, yerinə düşən zarafatlar başlandı.
Birdən Luazo sifətinə dəhşətli bir ifadə verdi, əllərini yuxarı qaldırıb fəryad etdi:
– Sakit olun!
Hamı qorxub təəccüb içində susdu. O isə əllərini oynadıb sakitliyə çağırdı, gözlərini tavana zillədi, yenidən qulaq asdı və sonra sakitcə dilləndi:
– Rahat ola bilərsiniz, hər şey öz qaydasındadır.
Heç kəs söhbətin nədən getdiyini üzə vurmaq istəmədi, amma dodaqlarda təbəssüm göründü.
On beş dəqiqədən sonra Luazo həmin zarafatı yenidən təkrar etdi və bütün axşamı bu zarafata dönə-dönə qayıtdı. O guya üst mərtəbədə kiməsə müraciət edir, alverçilərin işlətdiyi sözlərdən, ikibaşlı, eyhamlı ifadələrdən istifadə edərək elə bil kiməsə məsləhət verirdi. Bəzən sir-sifətinə yazıq, məzlumanə görkəm verir, “yazıq qız” deyə köksünü ötürür, bəzən də qəzəbli hal alıb dişlərini qıcayır və “ax, əclaf prussiyalı” deyə hirsini bildirirdi. Adamlar bu hadisəni yadlarından çıxardanda da Luazo yenidən bir neçə dəfə titrək səslə fəryad qoparıb “bəsdir, bəsdir!” deyə qışqırdı və sonra öz-özünə danışırmış kimi əlavə etdi:
– Kaş qızı bir də görmək səadəti bizə nəsib olaydı, kaş o yaramaz onu əldən salıb öldürməyəydi!
Zarafatlar şit və pis niyyətlə edilsə də, heç kəsə toxunmur, əksinə, hamının xoşuna gəlirdi. Hər şey, hiddət də, zarafat da adamların münasibətindən asılıdır. Mehmanxanada isə tədricən sırtıqlıq əmələ gəlmişdi və açıq-saçıq sözlərdən heç kəs incimirdi.
Yeməkdən sonra çərəz veriləndə arvadlar eyhamlı, ikibaşlı sözlər danışmağa başladılar. Çox içdiklərindən gözləri alışıb-yanırdı. Hətta belə hallarda öz təmkinini saxlayan qraf özünə bir qədər sərbəstlik verib indiki vəziyyətlərini qütbdə qışlayanların vaxtının qurtarması ilə müqayisə etdi və keçirdikləri halı gəmi qəzasına uğrayan, nəhayət, Cənuba doğru uzanan yolların üzlərinə açıldığını görən insanların sevincinə bənzətdi. Qrafın zarafatı hamının xoşuna gəldi.
Özündən çıxmış Luazo qədəh əlində ayağa qalxdı:
– Bizim xilas olmağımızın şərəfinə içirəm!
Hamı ayağa durdu və onun dediyinə şərik oldu, hətta rahibələr də xanımların şirin dilinə uyub ömürlərində dadını bilmədikləri köpüklü şərabdan bir-iki qurtum içdilər və dedilər ki, bu şərab köpüklü limonada oxşayır, ancaq ondan dadlıdır.
Luazo deyilənləri yekunlaşdırdı:
– Heyif ki, fortepiano yoxdur, olsaydı, çalıb-oynayardıq!
Kornyude bir kəlmə də danışmadı, yerindən də tərpənmədi. O, ağır düşüncələrə dalmışdı və hərdənbir uzun saqqalını dartışdırır, elə bil onu bir az da uzatmaq istəyirdi. Nəhayət, gecəyarıya yaxın dağılışmağa başlayanda ayaq üstə güclə dayanan Luazo gözlənilmədən onun qarnına bir dürtmə vurdu və dili dolaşa-dolaşa:

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/gi-de-mopassan/hekay-l-r-68289316/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Obıvatel – ancaq öz mənafeyini düşünən adam

2
Qusar – macar geyimli süvari əsgər

3
Yeger – nişançı alayı əsgəri

4
Fransızca söz oyunu: L'oiseau vole – “quş uçur”; Loiseau vole – “Luazo oğurlayır”

5
Katolik dini duaları: "Ya Həzrət Məryəm”, “İlahi ata”

6
4 sentyabr 1870-ci il – İkinci imperiyanın devrilməsi və Üçüncü respublikanın elan edilməsi günü

7
İntendant – orduda təsərrüfat işlərinə baxan adam

8
Frankmason – XIII əsrdə meydana çıxmış dini-fəlsəfi cərəyan

9
“Tantal əzabı” – həsrəti çəkilən bir şeyin əldə edilə bilməməsindən duyulan ağır əzab

10
Badenge – III Napoleonun gülünc ləqəbi; o, növbəti siyasi fırıldaqlarından sonra bu soyad altında gizlənmişdir.

11
Fransızca “Fotlenvi Faite envi!” (çılğın arzu) kimi səslənir.

12
El – içki növü
Hekayələr Ги де Мопассан

Ги де Мопассан

Тип: электронная книга

Жанр: Литература 19 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Hekayələr, электронная книга автора Ги де Мопассан на азербайджанском языке, в жанре литература 19 века

  • Добавить отзыв