Qorxu vadisi

Qorxu vadisi
Artur Konan Doyl
Dünya ədəbiyyatından seçmələr
Məşhur xəfiyyə Şerlok Holms aldığı şifrli məktubdan mister Duqlasa sui-qəsd hazırlandığını öyrənir. Tezliklə həmin şəxs həqiqətən öldürülür, bununla da bir-birindən maraqlı hadisələr başlayır.

Artur Konan Doyl
QORXU VADİSİ

1
– Mənə elə gəlir…
– Fikirləşin, fikirləşin, – Şerlok Holms mənə baxmadan dedi.
Nə qədər səbirli adam olsam da, onun etinasızlığı mənə toxundu.
– Qulaq asın, Holms, mənim də səbrimin bir həddi var.
Ancaq o məni eşidəsi halda deyildi, başı poçtla gələn məktuba qarışmışdı. Əvvəl zərfdən çıxardığı vərəqi, sonra zərfin özünü diqqətlə gözdən keçirdi.
– Porlokun xəttidir, – fikirli-fikirli dedi. – Ancaq məktubu Porlok yazıbsa, burda nəsə mühüm xəbər olmalıdır. Gərək yubanmadan oxuyaq.
– Porlok kimdir?
– “Porlok” onun ləqəbidir, Uotson, bu adamın arxasında isə çox hiyləgər, zirək bir şəxs dayanır. Əvvəlki məktubunda Porlok adının uydurma olduğunu bildirmişdi, xahiş etmişdi ki, onu axtarmayım. Mənə onun arxasındakı adam lazımdır. Moriartinin peşəsi haqqında sizə dəfələrlə danışmışam.
– Elədir. Həm alim, həm də cinayətkar və məkrli planlar qurmağın ustası…
– Ona məğlub olmağımı hələ də unuda bilmirəm… Ancaq Moriartini cinayətkar adlandırmaqla siz də qanunu pozursunuz. Buna iftira atmaq deyirlər. Əslində, bu adam ən qorxulu canilərdən biri, az qala bütün cinayətlərin təşkilatçısıdır. Əsassız ittihama görə sizi hətta məhkəməyə verə bilər. Bu adam dahidir, Uotson! Ancaq gec-tez biz də qələbəni bayram edəcəyik!
– Həmin günü görməyi çox istəyərdim! – dedim. – Ancaq siz Porlokdan danışırdınız…
– Ah, hə… Porlok bu qeyri-adi insanın yaratdığı uzun zəncirin yalnız bir halqasıdır. Həm də ikincidərəcəli halqadır. Pul qarşılığında o mənə iki dəfə mühüm məlumat ötürüb. Bunun sayəsində də cinayətin qarşısı alınıb. Əgər şifrin açarını tapa bilsək, bu məktubun da elə məlumatlardan biri olacağına inanıram.
Holms məktubu açıb stolun üstünə qoydu. Kağızda aşağıdakılar yazılmışdı:

534 S2 13 127 36 31 4 17 21 45
Duqlas 109 293 5 37 Birlstoun.
26 Birlstoun 9 18 171
– Bu haqda nə fikirləşirsiniz, Holms?
– Yəqin, hansısa məxfi məlumatı xəbər vermək istəyir.
– Amma açar yoxdursa, şifrli məktubun nə faydası?
– Aydın məsələdir ki, şifri hansısa kitabın səhifələrində çözmək mümkün olacaq. Ancaq kitabın adını bilməyincə mən gücsüzəm.
– Bəs “Duqlas” və “Birlstoun” sözlərinin mənası nədir?
– Görünür, həmin sözlərin mənası bu kağızda yoxdur, əziz Uotson. Çünki şifrli məktubla açarı heç vaxt eyni zərfdə göndərməzlər. Tezliklə ikinci məktubu almasaq, çox təəccüblənərəm.
Doğrudan da, bir neçə dəqiqədən sonra Billi ikinci məktubu gətirdi. Ancaq Holms məktubu oxuyub başını buladı:
– Bizim ehtimalımız özünü doğrultmadı. Qulaq asın, Uotson!

“Hörmətli mister Holms, artıq sizə kömək eləyə bilməyəcəyəm. O məndən şübhələnib. Zərfin üstünə ünvanı yazanda qəfil otağıma girdi. Zərfi gizlətməyə çalışsam da, şübhələndiyini hiss etdim. Şifrli məktubu yandırın, indi onun sizə heç bir faydası yoxdur.
    Fred Porlok”.
Holms əlində məktub bir müddət dinməzcə oturdu.
– Onun qorxduğu şəxs, yəqin ki, professor Moriartidir?
– Buna şübhə yoxdur. Dəstənin başında “O” durur.
– Bəs Porlok qorxduğu halda niyə məktub göndərib?
– Ondan izahat tələb edib pis vəziyyətdə qoyacağımdan qorxub.
– Doğrudur, – deyib şifrli məktubu əlimə götürdüm. – Fikirləşəndə ki bu bir parça kağızda mühüm sirr var, sən də onu oxuya bilmirsən, az qalır adam havalana.
Şerlok Holms dərin düşüncələrinin yol yoldaşı olan qəlyanını yandırdı.
– Həmin adam hansısa kitaba işarə edir, çıxış nöqtəsi budur. Şifrləmə böyük rəqəmlə – beş yüz otuz dördlə başlayır. Güman edək ki, söhbət şifrin açarı olan səhifədən gedir. Deməli, kitab qalındır. Növbəti işarə – S2-dir. Bu barədə nə deyə bilərsiniz?
– “İkinci fəsil”.
– İnandırıcı deyil, Uotson. Əgər beş yüz otuz dördüncü səhifə ikinci fəslə aiddirsə, onda birinci fəsil xeyli böyük olmalıdır.
– Sütun! – tələsik dedim.
– Əhsən, Uotson! Deməli, söhbət iki sütunda çap olunan qalın kitabdan gedir, üstəlik də sözlərdən biri 293 rəqəmi ilə göstərilib. İndi belə fərziyyə irəli sürək. Əgər nadir tapılan kitab olsaydı, Porlok onu mənə dərhal göndərərdi. Bu isə o deməkdir ki, həmin kitabı asanlıqla öz evimdə də tapa bilərəm. Uotson, söhbət geniş yayılan kitabdan gedir.
– Bibliya! – sevincək dedim.
– Yaxşı fikir olsa da, bu fərziyyə aradan qalxır. Moriartinin tərəfdarlarından birini əlində Bibliya təsəvvür etmək çətindir. Bundan başqa, Bibliyanın həddindən çox nəşrləri var, səhifələri eyni cür nömrələnmiş nüsxə məndə olmaya da bilərdi. O, adətən, hamıda olan kitaba işarə edir.
– İllik məcmuə.


– Əhsən, Uotson! Götürək “Uaytekerin illik məcmuəsi”ni. O çox yayılmış məcmuədir. Onda lazımi qədər səhifə var, həm də iki sütunla çap olunur. – Holms kitab rəfindən məcmuəni götürdü. – İndi görək beş yüz otuz dördüncü səhifədə nə yazılıb. On üçüncü söz – “məlumat”, yüz iyirmi yedinci söz – “var”. Bu çox şeydən xəbər verir. – Holmsun gözləri həyəcanla parıldadı. – “Çox tezliklə”. Əla! Uotson, yazın: “məlumat var – çox tezliklə – hansısa – varlı mülkədar”. Sonra “Duqlas” adı gəlir. İndi də “Birlstoun qəsri” – “təhlükə gözləyir”.
Mən Holmsun diktəsi ilə yazdığım kağızdan gözümü çəkə bilmirdim: “Məlumat var, çox tezliklə Duqlas adlı mülkədarı Birlstoun qəsrində təhlükə gözləyir”.
Şerlok Holms öz şedevrinə heyranlıqla baxan sənətkara oxşayırdı. Bu vaxt Bill Skotland-Yarddan inspektor Makdonaldın gəldiyini xəbər verdi.
Alek Makdonald o vaxt hələ indiki kimi məşhur deyildi. Polisdə işlədiyi zaman Holms artıq iki dəfə onun dadına çatmışdı. Şotlandiyalı Holmsa hörmətlə yanaşır, çətinliyə düşəndə onunla məsləhətləşirdi.
Holms onu görüb gülümsədi:
– Çox erkən gəlmisiniz, mister Mak. Görünür, qeyri-adi hadisə baş verib.
Gənc inspektorun gözü birdən stolun üstündəki kağız parçasına sataşdı.
– “Duqlas…” – mızıldadı. – “Birlstoun”! Bu nə deməkdir, bu adları hardan götürmüsünüz?
– Doktor Uotsonla indicə şifrini çözdüyümüz məktubdan. Nə olub ki?
İnspektor hələ də heyrətlə bizə baxırdı:
– Birlstoun malikanəsində yaşayan mister Duqlas bu gecə vəhşicəsinə öldürülüb.

2
– Əla! – Holms bir as susandan sonra dedi. – Çox gözəl!
– Sizi, deyəsən, bu xəbər heyrətləndirmədi?
– Mənə maraqlı gəldi, cənab Mak. Bir şəxsi təhlükə gözlədiyi barədə xəbər almışdım. İndi isə onun qətlə yetirildiyini eşidirəm.
Holms inspektora şifrli məktub haqqında danışdı. Makdonald ona diqqətlə qulaq asırdı.
– Mən Birlstouna yola düşməyə hazırlaşıram. İstəyirəm mənə yoldaşlıq eləyəsiniz. Ancaq belə çıxır ki, işi Londonda daha asanlıqla çözə bilərik. Məlumatı sizə ötürən şəxsi tutmaq kifayətdir.
– Özünü Porlok adlandıran bu adamı axı necə tutmaq istəyirsiniz?
Makdonald Holmsdan aldığı zərfi gözdən keçirdi.
– Deyirsiniz ki, ona iki dəfə pul göndərmisiniz. Bankdan pulu kimin aldığı ilə maraqlanmamısınız?
– Yox. Mən verdiyim sözü tuturam. Elə ilk məktubdan sonra söz verdim ki, onu axtarmayacağam.
– Sizə elə gəlir, o, əhəmiyyətsiz bir adamdır, arxasında daha mühüm bir şəxs durur?
– Mənə elə gəlmir, mən bunu bilirəm.
– Haqqında sizdən eşitdiyim professoru nəzərdə tutursunuz?
– Məhz onu.
– Sizdən nə gizlədim, mister Holms, Skotland-Yardda belə hesab edirlər ki, professora nahaq yerə kin bəsləyirsiniz. Onun haqqında bəzi məlumatlar toplamışam: istedadlı alim, hörmətli insan kimi tanınıb.
– Onun istedadlı olduğunu etiraf etdiyiniz üçün çox şadam.
– Ona olan münasibətinizi öyrənəndən sonra bu şəxslə görüşmək qərarına gəldim. Alicənab adam təsiri bağışladı, əsl nazirə oxşayırdı. Xudahafizləşəndə əlini çiynimə qoydu, elə bil ata həyata atılmağa hazırlaşan oğluna xeyir-dua verirdi.
Holms istehza ilə gülümsədi.
– Çox gözəl! – o dedi. – Əziz Makdonald, bu xoş söhbət professorun kabinetində olurdu?
– Bəli.
– Gözəl otaqdır, elədir?
– Elədir.
– Professorun başının üstündən asılmış tabloya fikir verdiniz?
– Əlbəttə, bir qızın portreti idi.
– Bu şəkli on səkkizinci əsrdə yaşamış məşhur fransız rəssamı Jan Batist Qrez çəkib.
Makdonald xəfifcə gülümsədi:
– Çoxdan vəfat etmiş rəssamla Birlstounda baş verən hadisə arasında nə əlaqə ola bilər?
– Bu yaxınlarda Qrezin məşhur bir əsəri hərracda bir milyon iki yüz min franka[1 - Frank – Fransada pul vahidi] satılıb. Xatırlatmaq istəyirəm ki, professor Moriarti ildə yeddi yüz min frank alır.
– Belə isə onu necə ala bilib… Davam edin, mister Holms. Bu məni çox maraqlandırdı.
– Bəs Birlstoun necə olsun? – Holms gülümsəyərək soruşdu.
– Hələ vaxtımız var, – inspektor saatına baxdı. – Qapınızın ağzında məni keb[2 - Keb – taksi xidməti göstərən avtomobil] gözləyir, iyirmi dəqiqəyə bizi vağzala çatdırar. Bu tabloya gəlincə isə… Mister Holms, axı bir dəfə demişdiniz ki, professor Moriartinin yanında heç vaxt olmamısınız?
– Doğrudur.
– Bəs onun kabinetindəki şəraitlə hardan tanışsınız?
– Bu başqa məsələdir. Dəvət almadan üç dəfə onun mənzilində olmuşam. Müxtəlif bəhanələrlə gözləyib o gələnə qədər getmişəm. Güman edirəm ki, çox varlı adamdır. Bəs bu sərvəti necə toplayıb?
– Fikirləşirsiniz ki, sərvətini qeyri-qanuni yollarla qazanıb?
– Əlbəttə. Onlarla nazik tel zəhərli məxluqun olduğu hörümçək torunun mərkəzinə uzanır. Həmin zəhərli məxluq professor Moriartidir. Onun altı müxtəlif bankda hesabı var. Öz sərvəti haqqında söz-sohbət olmasını istəmir. Gərək onun nə qədər pulu olduğunu heç kim bilməsin. Güman edirəm ki, pullarının çox hissəsini xarici banklarda saxlayır.
Makdonald diqqətlə qulaq assa da, dostunun sözünü kəsməyə məcbur oldu:
– Mister Holms, siz bir qədər mövzudan yayındınız. Hazırda yalnız onu bilirik ki, professorla Birlstoundakı qətl arasında nəsə bir əlaqə var. Porlokdan aldığınız məlumata əsasən bu nəticəyə gəlmək olar. Bu barədə başqa nə fikir yürüdə bilərik?
– Cinayətin səbəbləri barədə bir neçə fərziyyə irəli sürmək olar. Ancaq bütün suallara cavabı Birlstounda axtarmalıyıq.
– Elədirsə, Birlstouna gedirik! – Makdonald tələsik ayağa durdu.

3
Hadisənin baş verdiyi Birlstoun Londonun şimalında yerləşir. Şəhər mərkəzindən yarım mil uzaqlıqda isə qədim malikanə ucalır. Malikanəni əhatə eləyən iki xəndəkdən biri su ilə doldurulub. Ona görə malikanənin yeganə girişi gecələr qaldırılan, səhər endirilən asma körpüdəndi. Gecələr malikanə, bir növ, adaya çevrilir. Bu faktın tez bir zamanda bütün İngiltərənin diqqətini cəlb edən sirli hadisə ilə birbaşa əlaqəsi var.
Malikanədə yaşayan ailə iki nəfərdən – Con Duqlas və onun arvadından ibarətdi. Deyilənlərə görə, Duqlas əlli yaşlarında, boy-buxunlu, qətiyyət yağan sifəti, sərt baxışı, ağ saqqalı olan bir adamdı. Hamıyla mehriban münasibət saxlayırdı, ancaq hərəkətləri belə bir təəssürat yaradırdı ki, sanki keçmişdə nisbətən aşağı təbəqənin insanları ilə oturub-durmağa məcbur olub. Onun kifayət qədər qızılı vardı; deyilənə görə, Kaliforniyadakı yataqlardan əldə etmişdi.
Missis Duqlas qapalı həyat tərzi sürürdü. Məlumdu ki, Duqlasla Londonda, o, dul qalandan sonra tanış olmuşdular. Gözəl, qamətli, əsmər, ərindən iyirmi yaş kiçik bir qadındı. Bu yaş fərqi onların xoşbəxtliyinə kölgə salmırdı. Ər-arvad arasında qarşılıqlı etibar olmadığını yalnız ən yaxın adamlar bilirdilər. Buna da səbəb ərinin keçmişi barədə nələrdənsə missis Duqlasın xəbər tutması olmuşdu. Bundan başqa, əri evə gec qayıdanda missis Duqlas açıq-aşkar həyəcanlanırmış.
Faciə baş verdiyi gün malikanədə bir şəxs də olmuşdu. Sesil Berker evin istəkli qonaqlarındandı. Danışırdılar ki, mister Duqlasın sirli keçmişindən yalnız onun xəbəri var. Berkerin dediyinə görə, onlar Amerikada tanış olublar və birlikdə çətin günlərdən keçiblər. Berker varlı adam təsiri bağışlayırdı. O, yaşca Duqlasdan kiçik idi, qırx beş yaşı olardı, təmiz qırxılmış sifəti, qalın, qara qaşları vardı. Vaxtını Duqlas, ya onun arvadı ilə gəzintilərdə keçirirmiş. Duqlasdan savayı, Berker onun arvadı ilə də çox yaxın münasibət saxlayırmış, bu da Duqlasın xoşuna gəlmirmiş. Xidmətçilərdən isə eşikağası Emsin və missis Duqlasa ev işlərində kömək eləyən gülərüz qulluqçu missis Allenin adlarını çəkmək olar.
Serjant Uilsonun rəhbərlik etdiyi yerli polis məntəqəsi baş vermiş cinayət haqqında məlumat alanda yanvarın altısıydı, gecə saat on ikiyə az qalmışdı. Beker son dərəcə həyəcanlanmış halda mister Duqlasın qətl edildiyini xəbər verib dərhal da malikanəyə qayıtmışdı. Tezliklə cinayət yerinə polis serjantı getmişdi. Serjant asma körpünün endirildiyini, pəncərədən gur işıq gəldiyini görüb. Qorxmuş eşikağası qapının ağzında dayanıbmış. Sesil Berker ona arxasınca gəlməyi xahiş edib.
Sonra doktor Vud özünü yetirib. Hər üç kişi hadisə baş verən otağa daxil olub. Duqlas arxası üstə uzanıbmış. Doktorun gəlişinə ehtiyac olmadığı elə ilk baxışdan aydın olub.
Qətlə yetirilən eybəcər hala salınmışdı. Sinəsində lülələri bir fut kəsilmiş qoşalülə ov tüfəngi var idi. Atəş yaxın məsafədən açıldığından güllə qafa tasını parça-parça etmişdi. Eyni vaxtda atəş açmaq üçün tətiklər məftillə bir-birinə bağlanmışdı.


– Burda heç nəyə toxunulmayıb, – Sesil Berker dedi. – Mən güllə səsini eşidəndə saat on ikinin yarısını vurmuşdu. Hələ paltarımı soyunmamışdım, öz yataq otağımda buxarının qarşısında oturmuşdum. Səs boğuq çıxdı. Dərhal aşağı cumdum. Heç otuz saniyə keçməmiş artıq Duqlasın otağındaydım.
– Qapı açıq idi?
– Bəli. Stolun üstündə şam yanırdı.
– Heç kimi görmədiniz?
– Yox. Missis Duqlasın pilləkəndən endiyini eşidib qarşısını kəsməyə tələsdim. Qulluqçu Allen gəlib onu apardı. Sonra Emslə yenə bura qayıtdım.
– Məgər körpü bütün gecə ərzində qaldırılmış olmur?
– Bu gecə də qaldırılmışdı, onu sonra mən endirtdim.
– Onda qatil necə qaçıb gizlənə bilərdi? Yəqin, mister Duqlas intihar eləyib.
– Mən də əvvəl belə fikirləşdim. Ancaq baxın, – Berker pərdəni çəkdi: pəncərə taybatay açıq idi. – Hələ buna da baxın! – Pəncərə altlığındakı çəkmə izinə oxşayan qanlı ləkəni göstərdi: – Kimsə qaçanda ayağını bura qoyub.
– Fikirləşirsiniz ki, xəndəkdən adlayıb?
– Başqa cür mümkün deyil.
– Əgər siz qətldən yarım dəqiqə sonra otağa gəlmisinizsə, qatil həmin vaxt suda olmalıydı.
– Mən buna əminəm. Təəssüf ki, pəncərəyə tərəf qaçıb pərdələri çəkmək ağlıma gəlmədi. Sonra missis Duqlasın addım səslərini eşitdim; onun içəri girib bu dəhşəti görməsinə imkan verə bilməzdim.
– Bəs körpü qaldırılmışdısa, qatil evə necə girib?
– Bu suala cavab verməkdə acizəm, – Berker dedi.
– Körpü saat neçədə qaldırılıb?
– Təxminən saat altıda, – Ems cavab verdi. – Mister Duqlasın qonaqları vardı. Onlar gedənə qədər körpünü qaldıra bilməzdim.
– Demək, qatil kənardan gəlib körpünü saat altıya qədər keçməliydi, mister Duqlas saat on birdən sonra öz otağına gələnə qədər isə pusquda gözləməliydi… – Birdən serjant meyitin yanındakı kağızı gördü. Kağızda “V.V.”, onun altında isə “341” yazılmışdı. – Bu nə olan şeydir?
– Mən də indi görürəm, – Berker maraqla kağıza baxdı. – Yəqin, qatil əlindən salıb.
– “V.V. 341”? Heç nə başa düşmürəm. – Serjant kağızı əlində fırladı. – Özgə nə tapılıb?
Berker xalçanın üstünə atılmış ağır çəkici göstərdi.
– Mister Duqlas dünən tabloların yerini dəyişirdi.
– Heç nəyə toxunmayın, – serjant əmr etdi. Sonra pərdəni çəkib həyəcanla dedi. – Pərdələr saat neçədə salınıb?
– İşıqlar yandırılanda, – eşikağası dedi, – saat dörddən sonra.
– Kimsə burda gözləyib, – serjant küncdəki çirkli çəkmə izini göstərdi. – Mister Berker, belə çıxır ki, qatil evə pərdələr salınanda, ancaq hələ körpü qaldırılmamış, saat dördlə altı arasında girib. Otaqda gizlənməyə yer olmadığından pərdənin arxasında daldalanıb.
– Biz vaxt itirmirik? – Berker soruşdu. – Qatil gizlənməyə macal tapmamış ətrafı axtarsaq, yaxşı olmazmı?
Serjant bir az fikrə getdi:
– Burdan altıdan tez gedən qatar yoxdur, deməli, qatarla gedə bilməz. Əgər yolla getsə, çirkli çəkməsi diqqət çəkərdi.
Doktor diqqətlə cəsədi gözdən keçirirdi.
– Bu işarə nə deməkdir? – soruşdu. – Bunun cinayətlə bir əlaqəsi ola bilərmi? – Öldürülən adamın xalatdan çıxan sağ qolunda qəribə işarə vardı: dairənin içində üçbucaq. – Bu, döymə deyil. Heyvanlara vurulan damğa kimi bir şeydir.
– Bu işarədən Duqlasın da qolunda var idi, – Berker dilləndi.
– Mən də görmüşəm, – eşikağası onun sözünü təsdiqlədi. – Ağa hər dəfə qolunu çırmalayanda bu qəribə damğa gözümə sataşırdı.
– Deməli, bu işarənin qətllə heç bir əlaqəsi yoxdur, – serjant Uilson dedi. – Daha nə var?
– Qatil onun nişan üzüyünü çıxarıb, – eşikağası öldürülən adamın əlini göstərdi. – Mister Duqlas nişan üzüyünü sol əlinin çeçələ barmağında gəzdirirdi. Bax bu qızıl üzüyü isə onun üstündən taxırdı.
– Onda qatil əvvəl qızıl üzüyü, sonra nişan üzüyünü çıxarıb, sonra da qızıl üzüyü təzədən onun barmağına taxıb?
– Elə görünür, – Berker dedi.
Uilson başını buladı:
– Bu işi Londona nə qədər tez ötürsək, bizim üçün bir o qədər yaxşı olar. Bu qəliz iş bizim qüvvəmiz xaricindədir.

4
Bizi Birlstounda yerli polis zabiti mister Uayt Meyson qarşıladı. Artıq on dəqiqə sonra vəziyyəti müzakirə etmək üçün otelin qonaq otağında yığışmışdıq.
– Əla! – Meysonun ətraflı məlumatına qulaq asandan sonra Holms bərkdən dedi. – Sizi inandırım ki, çoxillik təcrübəmdə hələ bu qədər maraq oyadan hadisəyə rast gəlməmişəm.
– Sizin belə deyəcəyinizi gözləyirdim, mister Holms, – Meyson gülümsədi. – Uilson faktları toplayıb, mənsə onları yoxlayıb öz gəldiyim nəticələrlə tamamlamışam.
– Hansı nəticələrlə? – Holms tezcə maraqlandı.
– Birincisi, mən çəkicdə heç bir izə rast gəlmədim. Əgər mister Duqlas müdafiə olunsaydı, çəkicdə hökmən qan ləkəsi qalardı.
– Qalmaya da bilər, – inspektor Makdonald etiraz etdi. – Bəzən çəkiclə qətl törədilsə də, heç bir iz tapmaq olmur.
– Ola bilsin. Tüfəngin lülələri kəsildiyindən onu paltarın altında gizlətmək mümkündür. Lülələrin arasındakı lövhədə çap hərfləri ilə “Pen” yazısı oxunur. Sözün qalan hissəsi lülələrin kəsilən yerinə düşüb.
– “Pensilvaniya silah şirkəti”. Tanınmış Amerika firmasıdır, – Holms dedi. – Şübhəsiz ki, Amerikada istehsal olunmuş ov tüfəngidir. Deməli, evə soxulub onun sahibini öldürən adam amerikalıdır.
– Bunu əminliklə söyləmək çətindir, – Makdonald başını buladı. – Evdə yad adamın olduğuna mən hələ də inana bilmirəm.
– Bəs pəncərə, pəncərə altlığındakı qan ləkəsi, qəribə kağız, küncdəki çəkmə izi, tüfəng?
– Bunlar qurma da ola bilər. Duqlas amerikalıdır, ya da Amerikada çox yaşayıb. Berker də həmçinin. Bütün bunları amerikalının ayağına yazmaq üçün onu evə kənardan soxmağa ehtiyac yoxdur.
– Bəs Emsə güvənmək olarmı?
– Ems çox etibarlı adamdır. O heç vaxt evdə bu cür tüfəng görməyib.
– Onda öz mülahizələrinizi bizimlə bölüşün, mister Mak, – Holms hakim kimi hökmlə dedi.
– Bu adam oğru deyil. Üzük, tapdığımız o kağız da qətlin şəxsi zəmində əvvəlcədən düşünüldüyünü göstərir. O, qətli törədəndən sonra çətinliklə üzləşəcəyini bilirdi, çünki ev su doldurulmuş xəndəklə əhatə olunub. Ona görə az səs çıxaran silah seçib.
– Meyson, siz xəndəyin çöl tərəfini araşdıranda sudan çıxan adamın ayaq izinə rast gəlmədiniz? – dostum fikirli-fikirli soruşdu.
– Heç bir iz yoxdur, mister Holms.
– Mister Meyson, ləngimədən həmin yerə gedə bilərik?
Hər iki tərəfində qarağac və palıd ağacları bitmiş mənzərəli kənd yolu ilə getdik. Sərt döngədən sonra qarşımızda tünd-qəhvəyi kərpicdən tikilmiş alçaq, ancaq böyük ev və qaraçöhrə ağacları əkilmiş bağ çıxdı. Yaxına gələndə asma körpü və su doldurulmuş enli xəndək gördük.
Holms xəndəyin içinə boylandı.
– Kiminsə xəndəkdən dırmaşıb çıxdığını göstərən heç bir iz yoxdur… Su həmişə bulanlıqdır?
– Demək olar, həmişə.
– Dərinliyi nə qədərdir?
– Burda hətta uşaq da boğulmaz.
Asma körpüdən keçib arıq, hündür adamla rastlaşdıq. Bu adam eşikağası Ems idi. Zavallı qoca həyəcandan hələ də titrəyirdi. Birlstoun polisi məşum otağın qarovulunu çəkirdi. Doktor artıq getmişdi.
– Yeni bir şey varmı, Uilson? – Meyson soruşdu.
– Yox, ser.
– İndi gedə bilərsiniz. Lazım olsa, arxanızca adam göndərərik. Eşikağasına deyin ki, mister Berkeri, missis Duqlasla qulluqçunu onlarla söhbət edəcəyimiz barədə xəbərdar eləsin. İndi, cənablar, – Meyson bizə müraciətlə dedi, – icazə versəniz, bəzi əlavə mülahizələrimi sizinlə bölüşərdim.
Bu əyalət xəfiyyəsi xoşuma gəlirdi. İti zəkası, sağlam düşüncəsi ona öz işində irəli getməsinə kömək edəcəkdi. Hətta Holms da ona diqqətlə qulaq asırdı.
– Cənablar, biz burda qətl törədildiyi, ya intihar olunduğu sualına cavab verməliyik. Əgər intihar hadisəsidirsə, onda belə çıxır ki, həmin adam öz nişan üzüyünü gizlədib, pərdənin arxasında küncü tapdalayıb, kiminsə onu güddüyünü göstərmək istəyib, sonra pəncərəni açıb, sonra qanla…
– Bu variantı ata bilərik, – Makdonald onun sözünü kəsdi.
– Mən də elə fikirləşirəm. Qalır qətl hadisəsi. Onda bunu kimin törətdiyini müəyyənləşdirməliyik: kənardan gələn adamdır, ya evdəkilərdən biri?
– Öz mülahizələrinizi söyləyin.
– Fərz edək ki, qatil evdəkilərdən biridir. Atəş açılandan vur-tut bir dəqiqə sonra mister Berker, hətta Ems də hadisə yerinə gəlib. Necə ola bilər ki, cinayətkar həmin vaxt ərzində pəncərəni açsın, çərçivəni qana bulasın, öldürülənin barmağından nişan üzüyünü çıxarsın, üstəlik də başqa işləri görsün? Bu, mümkün deyil.
– Hər şeyi çox dəqiq izah elədiniz, – Holms dedi. – Bu məsələdə sizinlə tamamilə razıyam.
– İndi qatilin kənardan gəlməsi versiyasına baxaq. Duqlas ömrünün çox hissəsini Amerikada yaşayıb, tüfəng isə Amerika istehsalıdır, çox güman ki, qətl qisas zəminində törədilib. Cinayətkar bu otağa gələrək gecə saat on birə qədər pərdənin arxasında gizlənib. Mister Duqlas otağa girəndə aralarında qısa söhbət olub. Bu söhbət heç olmaya da bilərdi, çünki missis Duqlas deyir ki, əri gedəndən beş dəqiqə keçməmiş atəş səsini eşidib…
– Bunu şamdan da bilmək olur, – Holms dedi.
– Doğrudur. Təzə şam yarım düym yanmağa macal tapıb. Duqlas hücum olmamışdan əvvəl şamı stolun üstünə qoyub, yoxsa şam onunla birlikdə yerə düşərdi. Bu sübut edir ki, ona otağa girən kimi hücum edilməyib. Mister Berker gələndə işıq yanırmış, şam isə söndürülübmüş. Bu fərziyyələr nəticəsində qətl səhnəsini təsəvvürə gətirməyə çalışacağam. Demək, mister Duqlas otağa girib şam yandırır. Əlisilahlı adam pərdənin arxasından çıxır. Nişan üzüyünü tələb edir. Səbəbini bilmirəm. Ancaq, yəqin ki, belə olub. Mister Duqlas üzüyü verir. Duqlas özünü müdafiə etmək üçün xalçanın üstündən tapdığımız çəkici götürür. Cinayətkar ona atəş açır, sonra tüfəngi və “V.V. 341” yazılmış kağız parçasını cəsədin üstünə atıb pəncərədən qaçır. Bəs siz necə hesab edirsiniz, mister Holms?
Söhbət ərzində Holms dinməzcə oturub hərdən diqqətlə ətrafa göz gəzdirirdi.
– Nəticə çıxarmaq üçün daha çox fakt toplamaq lazımdır, mister Mak, – o, meyitin önündə yerə domuşdu. – Ems, mister Duqlasın qolundakı bu damğa sizə tanışdırmı?
– Əlbəttə, ser.
– Bununla bağlı nəsə dediyini eşitmişdiniz?
– Yox.
– Bu, şübhəsiz ki, damğadır… Ems, bəs ağzının küncündəki bu xırda plastırı görmüşdünüz?
– Bəli, ser. Dünən səhər üzünü qırxanda kəsmişdi.
– Bu, təsadüfən də ola bilər, əsəbilik nəticəsində də. Son vaxtlar onun hərəkətlərində nəsə bir qəribəlik hiss etməmişdiniz, Ems?
– Mənə elə gəldi ki, fikri bir az dağınıqdır, həm də nədənsə narahatdır.
– Demək, hücum elə də gözlənilməz olmayıb. Onda keçək “V.V. 341” yazılmış kağıza. Evdə bu cür qalın kağız varmı?
– Yoxdur, ser.
Holms yazı stoluna yaxınlaşdı. Press-papyedə qara mürəkkəbdi, kağızdakı qırmızı.
– Yazı burda yazılmayıb. Düşünürəm ki, burda hansısa gizli təşkilatın əli var. Qolundakı damğa da bu fikri təsdiqləyir.
– Mən də elə hesab edirəm, – Meyson dedi.
– İndi bu fərziyyəni əsas götürək, görək vəziyyət nə qədər aydınlaşır. Təşkilatın üzvü evə girir, tüfəngdən açdığı atəşlə Duqlasın başını parçalayır, kağızı meyitin yanına ataraq qaçır. Nəyə görə? Ona görə ki təşkilatın digər üzvləri qisas alındığını sonra qəzetdən öyrənə bilsinlər. Bəs niyə silah növlərindən məhz bu tüfəng seçilib?
– Doğrudan, qəribədir.
– Bəs nişan üzüyü hara yoxa çıxıb? Niyə indiyə qədər heç kim həbs olunmayıb? Ümid edirəm ki, zəruri tapşırıqlar verilib, paltarı islanmış şübhəli adam hər yerdə axtarılır.
– Əlbəttə, mister Holms.
Holms stola yaxınlaşıb lupa vasitəsilə qan izini tədqiq etməyə başladı.
– Çəkmə izi olduğuna şübhə yoxdur. Ancaq necə də böyükdür! Küncdəki ayaq izi daha kiçikdir… Bəs stolun altındakı nədir?
– Mister Duqlasın idman eləmək üçün ağırlıq daşlarıdır, – Ems dedi.
– Burda bir daşdır. Bəs ikinci daş hanı?
Bu yerdə qapı bərk döyüldü və hündür, gündən qaralmış centlmen otağa girdi. Onun Sesil Berker olduğu aydındı.
– Mane olduğum üçün bağışlayın, – o dedi. – İndicə velosiped tapılıb. Kimsə onu giriş qapısından yüz metr aralıda atıb.
Berkerlə gedib kolluqdan çıxarılmış velosipedi gördük. Velosiped palçığa batmışdı, görünür, uzaq yoldan sürüb gəlmişdilər.
– Polisin işinə yaraya bilər, – inspektor dedi. – Cinayətkarın harda gizləndiyini bilməsək də, heç olmasa, hardan gəldiyini öyrənməyə çalışarıq. Bəs velosipedi, görən, burda niyə atıb? Onda lazım olduğu yerə necə gedəcək? Mister Holms, deyəsən, bu qaranlıq dolanbaclardan işığa heç vaxt çıxa bilməyəcəyik.

5
– Evdəkilərin ifadəsini almaq istəyirsiniz? – geri qayıdanda inspektor soruşdu.
Holms başını tərpətməklə kifayətləndi.
İlk olaraq eşikağası Emsi dinlədilər. O, mister Duqlasın yanında beş ildi işləyirdi. Hadisə baş verdiyi gün mister Duqlasın narahat olduğunu sezmişdi; hövsələsiz və səbirsiz idi, bu da ona heç yaraşmırdı. Ems güllə səsini eşitməmişdi, çünki anbar və mətbəx evin o biri ucundaydı. Qəfil zəng səsinə dəhlizə qaçmışdı, qulluqçu ilə də orada qarşılaşmışdı. Pilləkənin ayağına çatanda aşağı düşən missis Duqlası görmüşdülər. Qorxduğu, ya həyəcanlandığı hiss olunmurmuş. Bu yerdə mister Berker onun üstünə qaçıb, geri qayıtması üçün dilə tutub: “Allah xatirinə, otağınıza qayıdın! Zavallı Con ölüb! Daha ona heç cür kömək eləyə bilməyəcəksiniz! Otağınıza qayıdın!” Missis Duqlas ona qulaq asıb geri qayıtmışdı. Emslə mister Berker hadisə yerinə getmişdilər. Qaranlıq olduğundan bayırda heç nə görünmürmüş. Bundan sonra Ems körpünü aşağı salmışdı ki, mister Berker polis çağırmağa gedə bilsin.
Qulluqçu Allen eşikağası Emsin danışdıqlarını təsdiqləyib ona heç nə əlavə etmədi.
Sonra şahid qismində mister Berker dindirildi. O, cinayətkarın pəncərədən qaçdığına əmin idi, bunu qan izi də sübut edirdi. Mister Berker qətlin səbəbini aydınlaşdırmaq üçün öz versiyasını irəli sürdü. Duqlasın həyatının heç kimə danışmadığı qaranlıq tərəfləri var idi. Onlar ilk dəfə Kaliforniyada rastlaşmışdılar, zəngin qızıl yatağının işlədilməsində şərik olmuşdular. Ancaq Duqlas işini qəfil dayandırıb İngiltərəyə getmişdi. Bir müddət sonra Berker də öz payını satıb Londona yola düşmüşdü. Orda yenə dostluqlarını davam etdirmişdilər. Elə təəssürat yaranırdı ki, sanki Duqlas daim təhlükə altında idi. Üstündə həmişə silah gəzdirirdi. Berkerin fikrincə, hansısa bir təşkilat Duqlası izləyirdi. O müəmmalı kağız da, yəqin ki, buna işarədir.
– Duqlasla Kaliforniyada nə qədər yaşadınız? – Makdonald soruşdu.
– Beş il.
– O, subay idi?
– Dul idi.
– Birinci arvadının haralı olduğunu eşitməmişdiniz?
– Deyirdi ki, isveçli olub, yatalaq xəstəliyindən ölüb.
– Duqlasın cinayətkar olduğundan şübhələnmirdiniz?
– Mən ondan vicdanlı adama rast gəlməmişəm.
– Kaliforniyada yaşayanda onda nəsə bir qəribəlik sezməmişdiniz?
– O, izdihamlı yerlərdən qaçırdı. Kimdənsə ehtiyatlandığı hələ onda ağlıma gəlmişdi. Görünür, xəbərdarlıq almışdı. Gedəndən bir həftə sonra altı adam gəlib onu soruşmuşdu. Amerikalıya oxşayırdılar.
– Bu, altı il əvvəl baş verib?
– Bəli.
– Buna qədər isə Duqlasla Kaliforniyada on bir il yaşamısınız?
– Belə çıxır.
– Demək, aralarında qatı düşmənçilik varmış, yoxsa ədavət bu qədər davam edib, belə kədərli sonluqla başa çatmazdı.
– Məncə, qaranlıq məsələ idi. Heç vaxt yadından çıxmırdı.
– Bəs niyə polisə müraciət etməyib?
– Görünür, bu təhlükədən heç kim onu qoruya bilməzmiş. Nahaq yerə üstündə silah gəzdirmirdi. Ancaq bu gecə əynində xalat olub. Körpü qaldırılanda özünü təhlükəsizlikdə hiss eləyirdi.
– Duqlas beş ildi evlidirsə, deməli, toy ərəfəsində İngiltərəyə qayıtmısınız?
– Nikahdan bir ay əvvəl. Mən onun sağdışı olmuşam.
– Missis Duqlası toya qədər tanıyırdınız?
– Yox.
– Ancaq sonra tez-tez görürdünüz?
– Dostumun yanına gələndə, təbii ki, arvadını da görürdüm. Əgər siz güman edirsinizsə…
– Mən heç nə güman etmirəm, mister Berker. İşi aydınlaşdırmaq üçün lazım olan sualları verirəm. Mister Duqlas arvadı ilə dostluq etməyinizə necə baxırdı?
Berker tutulan kimi oldu:
– Mənə bu cür suallar verməyin! Mən cavab verməkdən imtina edirəm!
– İmtina etmək sizin haqqınızdır, amma imtina etməyinizin özü artıq cavabdır.
Berker bir anlığa susdu. Nə haqdasa gərgin halda düşündüyü hiss olunurdu. Sonra birdən gülümsədi:
– Siz, doğrudan da, öz vəzifənizi yerinə yetirirsiniz. Mən sizə mane ola bilmərəm. Ancaq xahiş edirəm, bu cür suallarla missis Duqlası üzməyəsiniz. Etiraf edim ki, zavallı Duqlasın yeganə çatışmayan cəhəti qısqanclıq idi. O məni sevirdi, arvadına pərəstiş eləyirdi. Həmişə bura gəlməyimi istəyirdi, ancaq arvadının mənimlə dostcasına söhbət etdiyini görəndə bəzən özünü ələ ala bilmir, təhqiramiz sözlər deyirdi. Buna baxmayaraq dünyada heç kimin bu qədər vəfalı arvadı, məni kimi də sadiq dostu yoxdu.
– Yəqin, xəbəriniz var ki, mərhumun nişan üzüyü barmağından çıxarılıb?
– Ola bilsin.
– “Ola bilsin” nə deməkdir? Bu axı faktdır.
– Bəlkə, üzüyü Duqlasın özü çıxarıb…
– Hər halda, üzüyün itməsi Duqlasın nikahı ilə cinayət arasında müəyyən əlaqədən xəbər verir.
Berker çiynini çəkdi.
– Burda heç bir əlaqə görmürəm, – dedi. – Bunun missis Duqlasın adına kölgə saldığına eyham vurursunuzsa… siz yanlış yoldasınız.
– Mənim daha sualım yoxdur, – Makdonald dedi.
– Mənimsə bir sualım var, – Şerlok Holms dilləndi. – Siz otağa girəndə yalnız stolun üstündə şam yanırdı?
– Elədir.
– Dərhal zəngi çaldınız?
– Bəli.
– Ems çox tez gəldi?
– Təxminən bir dəqiqə sonra.
– Gələndə şamın söndürüldüyünü, işığın yandığını görüb. Çox təəccüblüdür.
– Mən burda təəccüblü heç nə görmürəm, – Berker çaşqın halda dedi. – Şam kifayət qədər işıq salmır.
Holms daha sual vermədi və Berker hamımızı şübhəylə süzüb otağı tərk etdi.
İnspektor Makdonald missis Duqlasın otağına qalxmağa hazır olduğu barədə Emslə xəbər göndərdi. Ancaq missis Duqlas özü aşağı endi. O, otuz yaşlarında gözəl bir qadın idi.
– Nəsə aydınlaşdıra bilmisiniz? – soruşdu.
– Biz əlimizdən gələni edirik, missis Duqlas, – inspektor cavab verdi. – Siz ərinizlə ilk dəfə Londonda tanış olmusunuz?
– Bəli.
– Mister Duqlas Amerikada baş vermiş, onu təhlükəyə salan hadisələr barədə danışmışdı?
Missis Duqlas duruxub nə haqdasa fikrə getdi.
– Yox, danışmamışdı. Ancaq onu sevən bir qadın kimi narahatlığını hiss eləyirdim. Güclü düşmənləri olduğunu, onun izinə düşdüklərini bilirdim.
– Ərinizin hansı sözləri sizi daha çox təəccübləndirib? – Holms soruşdu.
– “Qorxu vadisi”. Keçmişi barədə hansısa sualıma cavab verəndə belə demişdi: “Mən Qorxu vadisində olmuşam. Hələ də ordan tam çıxa bilməmişəm”.
– “Qorxu vadisi” deyəndə nəyi nəzərdə tuturdu?
– O, doğrudan da, belə bir vadidə yaşamışdı. Orda başına dəhşətli hadisələr gəlmişdi. Mən buna əminəm.
– Bəs hansısa bir ad çəkmədi?
– Yox. Ancaq üç il əvvəl ovdakı bədbəxt hadisə nəticəsində qızdırmadan sayıqlayanda “ruh və bədənin hakimi” ustad Makgintinin adını hirslə təkrarlayırdı. Sağalanda bu adamın kim olduğunu, kimlərin ruh və bədənlərinin hakimi olduğunu ondan soruşdum. “Allaha şükür ki, mən deyiləm”, – gülərək cavab verdi. Makginti ilə Qorxu vadisi arasında əlaqə olduğunu düşünürəm.
– Ərinizin nişan üzüyünün barmağından çıxarıldığını bilirsiniz, – inspektor Makdonald dedi. – Bu sizi təəccübləndirmir? Bəlkə, onu köhnə bir düşməni izləyirmiş, ancaq nəyə görə öz üzüyünü çıxarsın ki?
Qadının xəfifcə gülümsədiyinə and içə bilərəm.
– Deyə bilmərəm.
– Daha vaxtınızı almayaq, – inspektor dedi. – Narahat etdiyimiz üçün bağışlayın.
– Gözəl qadındır, – o gedəndən sonra Makdonald fikirli-fikirli dedi. – Məncə, Berker burda baş verən hadisədə fəal iştirak edib. Mərhumun qısqanc olduğunu etiraf etdi, sözsüz ki, onun qısqanclığının səbəbini başqalarından yaxşı bilir. Hələ nişan üzüyünün yoxa çıxması? Bunu görməzliyə vurmaq olmaz. Ölünün barmağından üzüyü çıxaran adam… Nə deyə bilərsiniz, mister Holms? – Sonra durub zəngi çaldı.
Dostum başını əllərinə söykəyib fikrə getmişdi.
– Ems, – eşikağası otağa girəndə Makdonald dedi, – mister Berker indi hardadır?
– Gedib baxaram, ser.
Bir dəqiqə sonra qayıdıb xəbər verdi ki, Berker bağdadır.
– Ems, mister Berkerin gecə ayağına nə geyindiyi yadınızdadır?
– Yumşaq ev ayaqqabısı geyinmişdi. Polisə gedəndə ona çəkmə gətirdim.
– Bizim üçün hansı izin mister Berkerə, hansının cinayətkara aid olduğunu bilmək vacibdir.
– Onun da, mənim də ayaqqabılarım qana bulaşıb.
– Bu, tamamilə təbiidir, otaqda hər yan qandı. Hər halda, Ems, ayaqqabını gətirin.
Ems gedib ayaqqabı ilə qayıtdı. Ayaqqabının altı qurumuş qandan qaralmışdı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/arthur-konan-doyle/qorxu-vadisi-68289301/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Frank – Fransada pul vahidi

2
Keb – taksi xidməti göstərən avtomobil
Qorxu vadisi Артур Конан Дойл

Артур Конан Дойл

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Qorxu vadisi, электронная книга автора Артур Конан Дойл на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв