Martin İden

Martin İden
Cek London
Dünya ədəbiyyatından seçmələr
Martin jurnalların yazıçılara yaxşı qonorar verdiyini öyrənir və ədəbiyyatla məşğul olmağa qərar verir. Məqsədi varlanaraq və şöhrət qazanaraq sevdiyi qızın mənsub olduğu yüksək cəmiyyətə daxil olmaqdır.

Cek London
Martin İden

1
İrəlidə gedən adam açarla qapını açdı. Arxada gələn cavan oğlan isə kandara ayaq basmazdan öncə yöndəmsiz hərəkətlə kepkasını başından çıxardı. Cavan oğlanın əynindəki paltar dəniz iyi verirdi. O, gen-bol hollda özünə münasib bir yer tapa bilməyib sıxıldı. Heç kepkasını hara qoyacağını da bilmirdi. Onu büküb cibinə soxmaq istəyəndə yol yoldaşı kepkanı əlindən aldı. Bunu elə təbii etdi ki, oğlan mütəəssir oldu. Başından ani bir fikir keçdi: “O məni başa düşür… məni satmaz”.
Cavan oğlan yırğalana-yırğalana iri addımlarla yoldaşının arxasınca gedirdi. Qabaqda inamla yeriyən yol yoldaşına baxıb öz yerişinin nə qədər yöndəmsiz olduğunu düşündü. Bu fikirdən utanıb qızardı. Pərtliyini zarafatla gizləməyə çalışdı:
– Artur, dostum, ayaq saxlayın. Bilirsiniz ki, bura gəlmək istəmirdim. Yəqin, sizinkilərin də məndən ötrü ürəkləri atmır.
– Boş şeydir! – dostu halını pozmadı. – Biz sadə adamlarıq. Oho, mənə məktub var!
Artur zərfi açıb məktubu oxumağa başladı. O isə fürsətdən istifadə edib ətrafa göz gəzdirdi. Masanın üstündəki kitabları görəndə gözləri parıldadı. Həyəcanla onları vərəqlədi. Kitabların, müəlliflərin adına baxdı. Suinbernin cildini əlinə götürüb harada olduğunu unudaraq oxumağa başladı. Sifəti alışıb-yandı. Müəllifin adına yenə baxmaq üçün iki dəfə kitabı örtdü. Suinbern! Görəsən, şairlərin çoxu kimi ölüb-gedib, yoxsa hələ yaşayır?
Başı kitab oxumağa elə qarışmışdı ki, gənc bir qızın otağa girdiyindən xəbəri belə olmamışdı.
– Ruf, bu, mister İdendir! – Arturun səsi onu ayıltdı.
Həyatı boyu “İden”, ya ”Martin İden”, ya da, sadəcə, “Martin” deyə çağırılmışdı, indi isə birdən-birə “mister İden” demişdilər.
Qarşısında solğun bənizli ilahi bir xilqət dayanmışdı. Qızın parlaq, iri mavi gözləri, qalın, sarışın saçları vardı. Ruf əlini ona uzatdı və bu zaman oğlanın gözlərinin içinə baxdı.
– Mister İden, əyləşin, – qız dedi. – Arturun danışdıqlarından sonra çox istəyirdim ki, sizinlə tanış olum. Özünüzü çox cəsarətli aparmısınız.
Martin başını yırğalayıb mızıldadı ki, onun yerində kim olsa, belə edərdi. Bu zaman qız onun əllərinin sıyrıldığını gördü. Üzündəki, alnındakı çapıqlar da qızın gözündən qaçmadı. Oğlanın torba kimi sallanan, çiyinləri bürüşmüş kostyumunun altında əzələli qollarını da sezdi.
Ruf sərbəst və zərif bir əda ilə keçib kresloda əyləşdi. Martin öz yöndəmsiz görkəmini təsəvvür eləyib lap sıxıldı. Ehtiyatla kresloda oturdu. Bilmirdi ki, əllərini hara qoysun. Tərs kimi, Artur da otaqdan çıxdı.
– Mister İden, – qız dedi, – boynunuzdakı o çapıq hardandır?
– Meksikalının bıçağının yeridir, miss, –boğazını arıtlayıb cavab verdi. – Əlbəyaxa olduq. Əlindən bıçağı alanda burnumu dişləmək istədi.
– Ay!.. – qız ucadan dedi. Üzündən çaşqınlıq oxundu.
Martin kübar bir xanımla belə axmaq şeylər haqqında danışmağın yersiz olduğunu anlayıb söhbəti qıza yaxın mövzunun üzərinə gətirməyi qərara aldı.
– Bu… Svaynbern adlı şair…
– Svaynbern yox, Suinbern, – qız onun səhvini düzəltdi.
– Hə, – deyib yenə qızardı. – Çoxdan ölüb?
– Öldüyünü eşitməmişəm, – qız ona maraqla baxdı. – Bəs siz harda tanış olmusunuz?
– Heç onun üzünü belə görməmişəm. Siz gəlməmişdən əvvəl o masanın üstündəki kitabdan bir neçə şeirini oxudum. Onun şeirləri xoşunuza gəlir?
Qız Martini maraqlandıran mövzuda çox sərbəst danışmağa başladı. O, gərginliklə qulaq asır, bu balaca başa bu qədər bilik sığdığına təəccüblənir və qızın gözəlliyi qarşısında heyranlıq duyurdu. Hə, kitablarda yazılanlar doğrudur. Həyatda belə qadınlar olur. Onlara görə yaşamağa, onlara görə vuruşmağa, onlara görə ölməyə dəyər.
Martinin gözlərindəki parıltı qızı qorxutdu. Ancaq ona dikilən baxışlardan həm də xoşlanırdı.
– Hə, dediyim kimi… Axı mən nə deyirdim? – qız özünü saxlaya bilməyib bərkdən güldü. – Hə, deyirəm ki, Suinbernin elə şeirləri var ki, heç oxumağa dəyməz. Böyük şairin şeirindən bir misranı belə çıxarıb atmaq olmur.
– Miss, – o dedi, – belə şeylərdən çox da başım çıxmır. Bunlar mənim ağlım kəsən şeylər deyil. Mən kitabları, şeiri sevirəm, vaxt tapan kimi mütaliə edirəm. Ancaq onlar haqqında sizin kimi düşünə, danışa bilmirəm.
– İnanıram ki, siz çox şeyə nail olacaqsınız. Çünki siz çox güclüsünüz.
Bu zaman otağa ucaboy, qamətli, gözəl, sarışın qadın girdi. Qız dərhal ayağa qalxıb ona doğru getdi. “Yəqin, anasıdır”, – deyə Martin düşündü.

2
Süfrə arxasında Rufla yanaşı oturmuşdu. Çəngəl-bıçağın çoxluğu onu qorxudurdu. Qarşısında Artur və Norman əyləşmişdi. “Rufun qardaşlarıdır!” – ürəyində onlara sevgi duydu. Onun bu mühitdə gördüyü ən gözəl şey ailə üzvlərinin bir-birinə olan məhəbbəti idi. Martin ömrü boyu sevgi axtarmışdı. Odur ki indi ailə üzvlərinin qarşılıqlı məhəbbəti onun qəlbini riqqətə gətirdi.
Martin əvvəllər kübar məclislərin qonağı olmamışdı. Ona görə altdan-altdan çəngəl-bıçağı necə tutduqlarına, hansı yemək üçün nədən istifadə etdiklərinə baxır, eyni zamanda, süfrə arxasındakıların Rufa olan münasibətlərini aydınlaşdırmağa çalışırdı. Bundan əlavə, o danışmalı, ona deyilənlərə qulaq asmalı, ətrafda nə danışdıqlarını eşitməli, lazım gəlsə, cavab verməli, həm də ağzından ədəbsiz söz çıxarmamağa çalışmalı idi. Bu fikirlərə başı qarışan Martin naharın ilk yarısını çox sakit oturdu. Ancaq bu davranışla Arturu yalançı çıxardığını bilmirdi. Artur qohumlarına demişdi ki, qonağı vəhşi olsa da, maraqlı adamdır. Martinin ağlına da gəlməzdi ki, bəladan qurtardığı adam onun haqqında belə danışar.


Nahardan sonra Ruf royalda Martin üçün mahnılar çaldı. Qız ona gizlicə meydan oxuyur, aralarındakı uçurumu daha da dərinləşdirir, sanki başqa-başqa təbəqənin adamları olduqlarını bir daha gözə çarpdırırdı.
O, Rufa heyranlıqla baxırdı. Bəli, onlar başqa-başqa təbəqənin adamlarıydı, ancaq Martin aradakı uçurumu adlamağı çox arzulayırdı.
Oğlan sıxıla-sıxıla xudahafizləşmək istəyəndə qız Suinbernin və Brauninqin kitablarını ona verdi.
– Bu gün həyatımda ən gözəl gündür. Bilirsiniz, belə məclislərə elə də öyrəşməmişəm, – çaşqın halda ətrafına boylandı, – bu cür adamlara, evlərə alışmamışam. Bunlar mənim üçün tamamilə yenidir… ancaq xoşuma gəlir.
– Ümidvaram ki, yenə gələcəksiniz, – qız dedi.
O, kepkasını başına basdı, kandarda ilişib büdrədi və qapıdan çıxdı.
– Hə, necədir, xoşuna gəldimi? – Artur soruşdu.
– Çox məzəli adamdır, bizim üçün də sanki təmiz bir hava axınıdır, – Ruf dedi. – Onun neçə yaşı var?
– İyirmi-iyirmi bir olar.
Ruf qardaşları ilə xudahafizləşib otağına çəkiləndə düşündü: “Demək, mən ondan üç yaş böyüyəm”.

3
– Lənət şeytana! – Martin pilləkəndən düşə-düşə heyranlıqla dedi.
Soyuq yağış çisələsə də, ətrafa nəzər salmadan başıaçıq gedirdi. Axır ki, xəyalı ilə yaşadığı qadına rast gəlmişdi. Doğrudur, qadınlar haqqında çox düşünmürdü, bu onun təbiətinə yad idi. Lakin gec-tez yoluna belə bir qadının çıxacağına ümid eləyirdi.
O çox gözəl bilirdi ki, Ruf kimi qızın əlinə su tökməyə də layiq deyil. Rufla oturub söhbət etməyin özü böyük xoşbəxtlikdi.
– Lənət şeytana!
Martin ikimərtəbəli evin yanında tramvaydan sıçrayıb düşdü. Bir an ayaq saxlayıb “Higginbotamın xırdavat dükanı” sözləri yazılmış lövhəyə baxdı. Martin bu hərflərdə də xudbinlik, xırdaçılıq, miskinlik əlamətləri görürdü. Bernard Higginbotam Martinin bacısının əri idi.
Martin öz açarı ilə qapını açıb ikinci mərtəbəyə qalxdı. Yeznəsi burda olurdu, dükan alt qatda idi. Lakin çürümüş tərəvəz qoxusu bura da gəlib çatırdı. Qaranlıq dəhlizdən keçəndə bacısı uşaqlarından hansınınsa unudub burada qoyduğu oyuncaq arabaya ilişib büdrədi və guppultu ilə qapıya dəydi. Əlhavasına dəstəyi axtarıb tapdı. Qapını açıb bacısı ilə Bernard Higginbotamın oturduğu işıqlı otağa girdi. Bacısı ərinin şalvarını yamayır, Bernard isə stulda oturub, arıq ayaqlarını başqa stula qoyaraq qəzet oxuyurdu. Martin otağa girəndə qəzetin üstündən bic-bic ona baxdı. Bernard həmişə Martinin qəlbində ikrah hissi doğururdu. Bacısı bu adamda, görəsən, nə tapmışdı?
– Nə olub? – Martin özünü saxlaya bilməyib soruşdu.
Bilinmədi, mister Higginbotam gileylənir, yoxsa acığını tökür:
– Bu qapı keçən həftə rənglənib. Ehtiyatlı olmağın məsləhətdir.
Martin ona sərt cavab vermək istədi, lakin fikrindən daşındı.
– Yaxşı, gecəniz xeyrə qalsın! – dedi.
O, qapıya tərəf gedəndə palaza ilişib yenə büdrədi.
– Qapını çırpma, – mister Higginbotam hər ehtimala qarşı arxasınca səsləndi.
Martin hirsini boğub qapını ehmalca örtdü.
Mister Higginbotam qalibanə nəzərlə arvadına baxdı:
– Keflidir! Sənə demədimmi doyunca vurub gələcək?! Əgər bir də içib gəlsə, rədd olub getsin! İstəmirəm ki, uşaqlar ondan pis şeylər öyrənsinlər! Keçən həftənin pulunu verib?
– Onun hələ pulu var, – arvadı dedi.
– Dənizə nə vaxt gedəsidir?
– Yəqin, pulu qurtaranda.
– Burda işləmək istəsəydi, onu özümə arabaçı götürərdim, – əri dedi. – Tom haqq-hesabını üzdü, Garruzerslərdə işləyəcək, onlar daha çox zəhmət haqqı verir; mən o qədər verə bilmərəm.
– Gördün?! Sənə demişdim, ona çox az zəhmət haqqı verirdin, – arvadı dedi.
– Bura bax, arvad, sənə min dəfə demişəm ki, burnunu hər yerə soxma! – mister Higginbotam acıqlı-acıqlı donquldandı.
– Özün bilərsən. Ancaq Tom yaxşı oğlandır, – arvad mızıldadı.
– Qardaşcığazın tənbəl olmasaydı, arabanı sürərdi.
– O, yeməyin, mənzilin pulunu vaxtlı-vaxtında verir. O mənim qardaşımdır, nə qədər ki sənə borcu yoxdur, onunla öcəşməyin nahaqdır. Mən də insanam, yeddi il sənə boş yerə arvadlıq eləmişəm?!
– Ona demisənmi, gecələr kitab oxusa, qaz pulu verməlidir? Eşitdin? Günü sabah hökmən deyərsən. Bir də unutma, sabah tezdən Meriyenin dalınca adam göndər, gəlsin uşaqlara baxsın. Bir halda ki Tom işdən çıxıb, özüm mal dalınca getməli olacam, sən də mənim əvəzimə dükanda alver edəcəksən.
– Sabah paltar yuyacam, – arvadı qorxa-qorxa etiraz elədi.
– Nə olsun?! Canın çıxsın, yuxudan tez dur, –mister Higginbotam acıqlı-acıqlı qəzetin səhifəsini çevirdi.

4
Martinin qaldığı bu dar hücrəyə yalnız bir çarpayı, əlüzyuyan və bir stul yerləşmişdi. Son dərəcə xəsis olan mister Higginbotam arvadının işləyə bildiyini görüb qulluqçu saxlamırdı.


Martin kitabları stolun üstünə qoydu. Pencəyini çıxarıb çarpayıda oturdu. Əyilib ayaqqabısını çıxarmaq istəyəndə nəzərləri qarşıdakı divara dikildi. Ağ suvaq çəkilmiş divarda damdan sızmış yağışdan sonra qara zolaqlar qalmışdı. Martin yerində dondu. Bu kirli fonda xəyallar baş qaldırmağa və əriyib itməyə başladı. O, uzun-uzadı divara baxıb: ”Ruf!”– deyə pıçıldadı. Adi səsin bu qədər gözəl ola biləcəyi Martinin ağlına gəlməzdi. Bu səs xoşuna gəldiyindən dönə-dönə təkrar etdi: “Ruf, Ruf”…
Onun ailəsi öz ruzisini zəhmətlə qazanırdı. Bacısı Hertrudanın paltar yumaqdan əlləri şişir, bişmiş ət kimi qızarırdı. Digər bacısı Meriyen də onun kimi: konserv zavodunda işləyirdi: pomidor doğramaqdan balaca, qəşəng əlləri kəsik-kəsik idi. Ötən qış karton fabrikində işlədiyi zaman maşın onun iki əl barmağını üzmüşdü. Tabuta qoyulmuş anası gözünün qabağına gəldi. Onun sinəsində çarpazlanmış əlləri də cadar-cadar idi. Ömrü boyu çalışıb-çabalamış atasının da əlləri qabar-qabardı. Rufun əlləri isə zərif idi; tək onun yox, elə ailə üzvlərinin də. Bu əllər onları ayıran məsafənin uzaqlığını göstərirdi.
“Hər halda, məni yenə evlərinə dəvət etdi,” – Martin düşündü. Sonra güzgüdə özünə baxıb təntənəli səslə dedi:
– Martin İden, sabah səhər sənin ilk işin pulsuz kitab verilən qiraətxanaya gedib davranış qaydaları ilə bağlı bir şey oxumaqdır. Başa düşdün? Ən başlıcası da, “cəhənnəm olsun, lənət olsun” sözlərini dilinə az gətirməlisən. Bunu birdəfəlik yadında saxla! – sonra qaz lampasını söndürüb yuxuya getdi.

5
Səhər yuxudan oyanan Martin sabun və çirkli paltar iyini duyub, özünün çəhrayı yuxularını unutdu. Otağından çıxanda bacısının acıqla kimisə səslədiyini, sonra şillə səsi eşitdi. Uşağın çığırtısı onun ürəyini dağladı. Rufun yaşadığı evdəki rahatlıqla bütün bunlar bir-birinə nə qədər yad idi.
O, gözünün yaşını tökən uşağı səslədi:
– Alfred, bura gəl! – əlini cibinə saldı, uşağın ovcuna iyirmi beş sentlik basıb, ovutmaq üçün qucağına aldı. – Ağlama! İndi get nabat al; qardaş-bacılarına da verərsən.
– On sent də bəsidir, – bacısı başını ləyənin üstündən qaldırıb dedi.
– Sabahın xeyir, bacıcan. Başın qarışıq olmasaydı, öpərdim səni!
Bacısının ürəyi yumşaq idi, ancaq illər ötdükcə deyingən olurdu. Bunun da səbəbi ağır əmək, böyük ailə, ərinin cansıxıcı xasiyyəti idi.
– Get yeməyini ye, – bacısı dedi, – yemək sobanın üstündədir; yəqin, Cim də durub.
O, mətbəxdə ikinci kirayənişini – Cimi gördü. Cim vələmir yarması yeyirdi. O, çilingər şagirdi idi.
– Axşam rəqsə gələcəksən? – Cim soruşdu.
– Yox… çox güman ki, yox.
Martin boşqabı kənara itələdi, pilləkənləri yüyürə-yüyürə düşüb küçəyə çıxdı. O, Oklənd qiraətxanasına getməyi qərara aldı. Çünki Ruf Oklənddə yaşayırdı. Kim bilir, bəlkə, Rufla rastlaşdı?..
Martin heyranlıqla rəflər arasında dolaşır, kitabların başlıqlarını nəzərdən keçirməkdən doymur, ədəb qaydaları haqqında təlim kitabını tapmaq istəyirdi. Lakin istədiyi kitabı tapandan sonra da suallarına cavab tapa bilmədi. Uzun-uzadı tövsiyələr içərisində başını itirdi.
Qiraətxanadan çıxanda masanın arxasında oturan adam soruşdu:
– Nə oldu? Axtardığınızı tapdınız?
– Bəli, ser, – Martin cavab verdi, – çox gözəl kitabxananız var.
– Tez-tez gəlin! Dənizçisiniz?
– Bəli, ser.
“Mənim dənizçi olduğumu hardan bildi?” – pilləkəndən düşə-düşə özündən soruşdu.
Küçəyə çıxanda yırğalana-yırğalana yeriməməyə çalışdı. Ancaq fikri yayınan kimi yenə həmişəki yerişinə qayıtdı.

6
Martin Rufu görmək arzusu ilə qovrulurdu. Onlara getməyə cəsarəti çatmırdı, qorxurdu ki, bununla nəzakət qaydalarını pozar. Vaxtının çoxunu Oklənd və Berkli kitabxanalarında keçirirdi. Otağındakı qaz lampası gecə səhərəcən yanmağa başladı. Mister Higginbotam artıq qaz yandırdığına görə Martindən əlavə olaraq həftədə əlli sent alırdı. Oxuduğu kitablar onun narahatlığını daha da artırırdı. Hazırlığı olmadığından hardan başlamaq lazım gəldiyini bilmirdi. Suinberni oxuyandan sonra Kiplinqin[1 - Redyard Kiplinq (1865-1936) – ingilis yazıçısı, şairi və novellaçısı] şeirləri əlinə keçdi. Onu başqa şairlərdən fərqləndirən həyata məhəbbət, psixoloji incəlik Martini heyrətləndirirdi. “Psixologiya” Martin üçün yeni söz idi. O, izahlı lüğət almaqla pul kisəsini tamam boşaltdı. Bununla da quruda qalmaq müddəti qısaldı, həm də mister Higginbotam qəzəbləndi. Çünki o bu pulların kitaba verilməyindənsə, otaq kirayəsinə verilməsini daha doğru hesab edirdi.
Martin gecələr oğru kimi Morzların evinin başına dolanır, işıq gələn pəncərələrə oğrun-oğrun baxırdı. Bir dəfə də ani olaraq Rufu ikinci mərtəbənin pəncərəsi önündə görüb, otağının yerini öyrəndi. Ondan sonra ağacların arxasında gizlənib gözünü saatlarla həmin pəncərədən çəkmirdi.
Rufun səliqə-sahmanı ona çox böyük təsir bağışlamışdı. Düşünürdü ki, ona layiq olmaq üçün tərtəmiz olmalıdır. Dişlərini yuyub-təmizləyir, kiçik dırnaq şotkası ilə dırnaqlarını sürtürdü. Kitabxanadan aldığı şəxsi gigiyena haqqında kitabda tövsiyə olunurdu ki, hər səhər soyuq su ilə yuyunmaq lazımdır. Martin buna əməl etməyə başladı və bundan sonra mister Higginbotam ondan ayrıca supulu alıb-almamaq haqqında düşünməyə başladı.
İnkişaf yolunda növbəti addım şalvara əl gəzdirmək oldu. Ancaq elə ilk cəhd uğursuzluqla nəticələndi – ütülədiyi yerdə şalvarı yandırdı və yeni şalvar alası oldu. Bununla da dənizə çıxacağı günü yaxınlaşdırdı. O, artıq içkini də tərgitmişdi. Onun məstliyi Rufa olan məhəbbətdən idi.
Martin bir axşam Rufu görmək ümidilə teatra getdi və doğrudan da, qızı gördü. Qız Arturun və eynəkli cavan bir oğlanın müşayiətilə gəlmişdi. Həmin oğlan dərhal Martinin qəlbində qısqanclıq hissi oyatdı. Ruf keçib birinci sırada oturdu, Martin isə bütün axşamı onun qızılı saçlarından və yaraşıqlı çiyinlərindən başqa heç nə görmədi.
Bir neçə oturacaq aralıda oturmuş iki qız Martinə baxıb gülümsəyir, qaş-göz atırdılar.
Rufu, heç olmasa, uzaqdan görə bilmək üçün Martin tamaşanın qurtarmasına az qalmış salondan çıxdı. Təzəcə münasib bir yer tapmışdı ki, həmin iki qız da özünü yetirdi. Hər ikisi yenə ona baxıb gülümsədi, cavab olaraq o da gülümsədi. Martin Rufun onu qızlarla görəcəyindən qorxurdu. O yaxınlaşıb qızlarla yanaşı yeriməyə başladı. Tinə çatanda qızlardan ayrılıb geri qalmağa, burulub dalana girməyə çalışdı. Lakin qaragözlü qız onun dirsəyindən tutdu:
– Hara tələsirsən, Bill, yoxsa bizi qoyub qaçmaq istəyirsən?
Martin gülümsədi. Bura nisbətən qaranlıq idi, o, gözə çarpmaya bilərdi, ancaq Rufun evlərinə gedəcəyi yol burdan keçirdi.
– Adınız nə oldu? – Martin qaragözlü qızdan soruşdu.
– Siz öz adınızı dediniz ki?
– Düz tapmısınız. Adım Billdir.
– Zarafat eləmirsiniz ki?
– Bill-zad deyil, – o biri qız sözə qarışdı, – yalan deyirsiniz.
O, qızın əlini sıxanda ovcunun içindəki tanış kəsikləri hiss etdi.
– Konserv zavodundan çoxdan çıxmısınız? – soruşdu.
– Siz hardan bilirsiniz?
Martin keçib gedən izdihamı gözdən qoymurdu. Birdən fənərlərin parlaq işığında Rufu gördü. O, qardaşı ilə eynəkli oğlanın arasında gedirdi. Martinin ürəyi düşdü. O bayaqdan bu anı gözləyirdi. Qızın şux qaməti, incə yerişi, küçəni keçəndə paltarının ətəyini zərif hərəkətlə yığışdırması belə onu həyəcanlandırdı. Ruf keçib-getdi, o isə fabrikdə işləyən bu iki şit qızla qaldı.
– Bill, oyanın, sizə nə oldu? – qızlardan hansısa onun qoluna toxundu.
– Siz nəsə dediniz?
Qaragözlü qız rəfiqəsini göstərdi.
– Siz onun üçün də bir oğlan tapsaydınız, birlikdə qəhvə içməyə, dondurma yeməyə gedərdik.
– Mən bu gün məşğulam, – Martin onları başından eləməyə çalışdı.
– Bəlkə, xəstə dostunuza baş çəkmək istəyirsiniz? – qaragözlü qız kinayə ilə dedi.
– Yox, mənim ayrı qızla görüşüm var. Biz başqa bir gün görüşə bilərik.
– Yalan demirsiniz? – qız dodaqlarını büzdü.
– Həqiqi sözümdür. Adınız nə oldu? Harda yaşayırsınız?
– Adım Lizzidir. Beşinci küçənin tinində, bazarın yanında oluram.
Ayrılmazdan əvvəl hələ beş dəqiqə də qızlarla söhbət elədi. Evə getməyə tələsmirdi. Martin tanış ağacın yanına gəldi. Adət etdiyi yerdə, Rufun pəncərəsinin qarşısında dayanıb həyəcanla pıçıldadı:
– Mən sizinlə görüşə gəlmişəm, Ruf. Mənə başqa heç kim lazım deyil.

7
Rufla tanış olduğu vaxtdan bir həftə keçmişdi, amma hələ də onlara getməyə cəsarət etmirdi. Nəsə bir yanlışlığa yol verməkdən qorxurdu. Məsləhətləşməyə kimsə yox idi; əvvəlki yoldaşlarından uzaqlaşmış, əvvəlki vərdişlərindən əl çəkmişdi. Təzə dostları isə yox idi, ona yalnız kitablar qalmışdı. Martin o qədər oxuyurdu ki, adi insan gözləri buna tab gətirməzdi.
İndi o çox dəyişmişdi. Ancaq hazırlığının olmaması ona maneçilik törədirdi. Bir gün antik ədəbiyyata, sabah fəlsəfəyə, o biri gün iqtisadiyyata aid kitaba girişirdi. Martinin başı şişmişdi. Anlamadığı sözlərin, terminlərin mənasını öyrənmək üçün saatlarla kitabxanada otururdu.
Yeganə təsəllisi poeziya idi. Hər misrasını anladığı sadə şairləri vəcdlə oxuyurdu. O, gözəlliyi sevirdi, poeziyada isə gözəllik istənilən qədərdi. Musiqi kimi poeziya da ona güclü təsir bağışlayırdı. Yaddaşı hələ tərtəmiz idi, şeirləri asanlıqla əzbərləyirdi. Martin get-gedə poeziyaya daha dərindən, ürəkdən bağlanırdı.
Kitabxanaya çox gəldiyinə görə masa arxasında oturan adam artıq Martini tanıyır, ona xoş üz göstərirdi. Bir dəfə Martin bu dostcasına münasibətdən istifadə edib ona yaxınlaşdı.
– Bağışlayın, sizdən bir şey soruşmaq olarmı? – kitabxanaçı gülümsəyib başını tərpətdi. – Tutaq ki, gənc bir ledi ilə tanış olmusunuz, o da sizi evinə dəvət eləyib. Nə müddətdən sonra bunu etmək olar?
– Məncə, nə vaxt istəsəniz.
– Sözün düzü, məsələ başqa cürdür. – Martin hiss elədi ki, həyəcandan köynəyi tərləyərək kürəyinə yapışıb. – Bilirsiniz, mən adi matrosam, kübar cəmiyyətə elə də öyrəşməmişəm. Həmin qız mənim kimi deyil, universitetdə oxuyur…
Kitabxanaçı gülümsəyərək dedi:
– Məsləhət görürəm, qıza zəng vurub nə vaxt gəlməyi özündən soruşasınız.
– Doğru deyirsiniz, heç ağlıma gəlməmişdi.
Martin kitablarını yığışdırıb tələsik qapıya tərəf getdi. Problem həll olunmuşdu.
Verdiyi kitabları qaytarmaq bəhanəsilə Rufa zəng etdi.
– Nə vaxt istəyirsiniz, gəlin, – Ruf sakitcə cavab verdi.
Martini qapıda özü qarşıladı. Onun ütülənmiş şalvarı, hərəkətlərindəki yaxşılığa doğru dəyişiklik qızın gözündən qaçmadı. Rufun əlini sıxarkən yenə ürək çırpıntısı duydu. O qızardığı halda, Ruf öz həyəcanını büruzə vermədi.
Qonaq otağında əvvəlcə kitablardan danışdılar. Ruf Martinə necə kömək etmək haqqında düşünür, ona qarşı mehribanlıq, şəfqət duyurdu. Qəlbində sevgi doğulduğu ağlına belə gəlmirdi.
Lakin Martin Rufu sevdiyini və ömründə belə bir sevgi yaşamadığını bilirdi. O, gözəl olan hər şeyi, eləcə də poeziyanı sevirdi. İndi məhəbbət lirikasının qapıları qarşısında taybatay açılmışdı.
– Sizdən bir məsləhət almaq istəyirəm, – Martin tərəddüdlə dedi. – Mən kitablar haqqında danışmağı bacarmıram. Bu haqda çox baş sındırmışam. Bəlkə, lap əvvəldən başlamağım yaxşı olar? Uşaq yaşlarımdan işləməyə məcbur olmuşam. İndi isə kitabxanaya gedəndə, əvvəllər lazım olan kitabları oxumadığımı görürəm. Bilirsiniz, sizin evdə olan kitabları fermada, gəmidə tapmaq olmur. Özümü öymədən deyə bilərəm ki, heç də oturub-durduğum adamlar kimi deyiləm. Demirəm ki başqa matroslardan yaxşıyam, amma kitabları həmişə sevmişəm. İstərdim ətrafımda kitablar, tablolar, hər cür qəşəng şeylər olsun; adamlar sakit danışsın, təmiz geyinsin, fikirləri saf, aydın olsun. Mənim ömür boyu nəfəs aldığım havaya isə mətbəx iyi, spirt qoxusu, söyüş, mənzil kirayəsi haqqında söz-söhbətlər qarışıb. Siz ananızı öpmək üçün ayağa qalxanda mənə o qədər gözəl təsir etdi ki… Axı həyat təkcə sərxoşluqdan, dava-dalaşdan, ağır işdən ibarət deyil. İndi qarşımda bir sual durur: nədən başlamalıyam? Mən işdən qorxmuram. Gecə-gündüz çalışacağam. Bəlkə, cavab tapmaq üçün nahaq yerə sizə müraciət edirəm?
Ruf dərhal cavab vermədi. Bu qədər gücün əks olunduğu gözləri o heç vaxt görməmişdi. Bu gözlərin yiyəsi hər şeyi bacarar – Rufun gəldiyi qənaət belə idi.
– Özünüz bilirsiniz ki, təhsiliniz çatışmır. Gərək lap əvvəldən başlayasınız. Məktəbi bitirib universitet kursu keçəsiniz.
– Bunun üçün pul lazımdır, – Martin onun sözünü kəsdi.
– Hə, bunu fikirləşməmişdim. Qohumalarınızdan kimsə kömək edə bilməzmi?
– Ata-anam ölüb, iki bacım var: biri ərdədir, o biri də, yəqin, bu yaxınlarda ərə gedəcək. Mən bir yığın qardaşın ən kiçiyiyəm. Hamısı xoşbəxt həyat sorağı ilə dünyaya səpələnib. Böyük qardaşım Hindistanda ölüb. İkisi Cənubi Afrikadadır: biri balina ovlayan gəmidə işləyir, o biri səyyar sirkdə akrobatdır. Mən də on bir yaşımdan – anam öləndən bəri öz əlimin zəhmətiylə dolanıram. Deməli, yenə özümə güvənməliyəm. Yalnız nədən başlamalı olduğumu bilmək istəyirəm.
– Hər şeydən əvvəl, gərək danışığınıza fikir verəsiniz; çox vaxt nə dediyinizi başa düşmək olmur.
Martinin alnına muncuq-muncuq tər gəldi.
– Bilirəm, bəzən ağzımdan kobud sözlər çıxır…
– Sizin üçün qrammatikadan başlamaq daha yaxşı olar. İndi sizə dərslik gətirərəm.
Ruf qrammatika dərsliyini gətirib, stulunu onun yaxınına çəkdi. Martin əyilib kitaba baxmaq istəyəndə qızın saçları onun üzünə toxundu. Ürəyi şiddətlə döyündü. Onları ayıran uçurumun üzərindən bir anlıq körpü salındı. O, bütün varlığını sızladan təmasa yol verməmək üçün ehtiyatla başını kənara çəkdi, lakin qız heç nə sezmədi.

8
Bir neçə həftə keçdi, Martin hələ də qrammatikanı öyrənir, nəzakət qaydaları haqqında kitabı oxuyurdu. Əvvəlki dost-tanışlarından tamamilə uzaqlaşmışdı. Bu həftələr ərzində Rufla altı dəfə görüşmüşdü və hər görüş onu həvəsə gətirir, biliyini, dünyagörüşünü artırmağa çalışırdı. Ruf onun danışıq dilini, tələffüzünü düzəldir, hesabdan məşğələ keçirdi. Ancaq onların söhbəti tədris məşğələləriylə məhdudlaşmırdı; Martinin təzəcə oxuduğu şeirlərdən, yaradıcılığını öyrənməyə başladığı hansısa şairdən danışırdılar. Qız sevimli misralarını oxuyanda Martin özünü xoşbəxt hiss edir, hədsiz zövq alırdı.
Martinin oxuduğunu, eşitdiklərini tez qavraması Rufu sevindirir, oxuduğu şeiri necə yozması bəzən qızı heyrətləndirirdi. Bu gözlənilməz yanaşmanın, yozumun həyatdan gəldiyini, həyata söykəndiyini qız anlamırdı. Onu da başa düşmürdü ki, insan könlü ilə əylənmək təhlükəlidir. Martinə marağı artdıqca onun həyat tərzini dəyişməyi də bir o qədər şiddətlə arzu edirdi.
– Lap mister Betleri götürün, – bir gün Ruf dedi.– Əvvəllər heç nədə uğur qazana bilməyib. Atası bankda kassir işləyirmiş, ancaq bir müddət sonra Arizonada vərəmdən ölür. O vaxtdan Çarlz Betler tək qalır. Atası Avstraliyada anadan olduğundan Kaliforniyada qohumları yox idi. Mister Betler mənə deyirdi ki, mətbəədə işə girəndə ilk vaxtlar həftədə üç dollar qazanırmış. İndi gəliri ildə otuz min dollardır. O bunu necə əldə edib? Cavanların sevdiyi əyləncələrə uymayıb. Necə olur-olsun, hər həftə geriyə bir qədər pul atmağa qərar verib, bu qaydaya əməl edib. Gündüzlər işləyib, işdən sonra da axşam məktəbində oxuyub. Sonra axşam kurslarına gedib. On yeddi yaşında mətbəədə mürəttib olub, yaxşı maaş alıb. Ancaq bununla da kifayətlənməyib. Vəkil olmağı qərara alıb. Atamın kontorunda həftədə dörd dollara kuryerlik etməyə başlayıb. Hətta dörd dollardan da kənara pul ayırmağı bacarıb.
– Yəqin, çox korluq çəkib, – Martin dedi, – həftədə dörd dollarla çox əl-qol aça bilməzsən. Mən həftədə mənzilə və yeməyə beş dollar verirəm. Ancaq yenə düz-əməlli dolana bilmirəm.
– O, pilətədə özünə yemək hazırlayırmış. Lakin görün indi nələri var!
– Sizin mister Betler, məncə, həyatdan daha ləzzət ala bilmir. İllərlə yemək-içmək sarıdan o qədər korluq çəkib ki, indi mədəsi xarab olub. Bir də, yəqin, qoca yapalaq kimi acıqlı və qaraqabaqdır. Otuz min dollar da ona sevinc bəxş etmir, ətrafındakılar deyib-güləndə xoşu gəlmir. Düzdür?
Ruf gülümsədi.
– O, təbiətən qaradinməz adamdır.
– Həftədə üç-dörd dollara dolanan adam belə də olmalıdır. Gündüzlər işlə, gecələr oxu, əylənmə, gəzməyə çıxma… Bilirsiniz, mənim ona yazığım gəlir. O, cavan olub, başa düşməyib ki, həmin otuz minə görə bütün həyatını özündən oğurlayıb.
– Heç nəyə baxmayaraq, o, böyük adamdır. Həyat sübut edir ki, inadkar və iradəli adamlar öz tay-tuşlarından çox yüksəklərə qalxa bilirlər.
Qızın dedikləri onun həyat və gözəllik anlayışına uyğun gəlmirdi. Martin düşünürdü ki, mister Betler bu məhrumiyyət və məşəqqətlərə qadına məhəbbət naminə dözsəydi, yenə onu anlamaq olardı.

9
Martin dəniz səfərindən qayıdıb səbirsizliklə Kaliforniyaya çatmaq istəyirdi. O, səkkiz ay əvvəl bütün pulunu xərcləyib Solomon adalarında basdırılmış xəzinəni axtarmağa gedən gəmiyə işə girmişdi. Uzun və əbəs axtarışlardan sonra təşəbbüs baş tutmadı. Avstraliyada gəminin heyətilə haqq-hesabı çürütdülər, Martin isə San-Fransiskoya gedən gəmiyə işə girdi. Bu səkkiz ayda o, nəinki lazımınca pul qazanmış, hətta öz məşğələlərinə də vaxt tapmışdı.
O, indi matrosların danışığındakı səhvləri sezir, ürəyində onlara düzəliş verirdi. Qrammatikanı bitirəndən sonra lüğətə keçdi. Gündə iyirmi söz öyrənməyi qarşısına məqsəd qoymuşdu.
Martin norveçli kapitanda təsadüfən Şekspirin külliyyatını gördü. Təbii ki, kapitan bu kitabları bir dəfə də olsun vərəqləməmişdi. Martin isə kapitanın alt paltarlarını yumağa razılıq verib, bu kitablardan istifadə etməyə icazə aldı. O, xoşuna gələn ayrı-ayrı parçaları asanlıqla yadında saxlayırdı.
Martin geri qayıdanda Rufa Sakit okeanın əzəmətini təsvir edəcəyini düşünürdü. Bu fikir onun qəlbində yaradıcılıq arzusu doğurdu: əsər yazacaq. O, Şekspir kimi şeir də, nəsr də, roman, oçerk, pyes də yazacaq. Bu yol birbaşa Rufun qəlbinə gedir. Axı ədiblər dünyanın nəhəngləridir. İldə otuz min dollar gəliri olan mister Betler hara, bu nəhənglər hara!
Bu fikir Martinin bütün varlığına hakim kəsildi. Yazmaq! Hər şeydən əvvəl dəfinə axtaranların sərgüzəştlərini təsvir edəcək. Rufa heç nə deməyəcək, hekayəni San-Fransiskoda çıxan jurnallardan birinə göndərəcək. Qız onun adını mətbuat səhifələrində görəndə həm sevinəcək, həm də heyrətlənəcək. O daha adi matros kimi dənizlərdə üzməyəcək, böyük əsərlər yazacaq, şöhrətlənəcək, adı dillərdə əzbər olacaq. Bütün bunları da Rufa görə, onun məhəbbətini qazanmaq xatirinə edəcək.
Martin Okləndə cibi pulla dolu qayıdıb, yenə Bernard Higginbotamın evindəki otağa çəkildi və işə başladı. Martin fasiləsiz şəkildə işləyib, üç günə oçerkini bitirdi. Sonra asan oxunsun deyə, iri hərflərlə üzünü köçürdü. Arada yazmağa yeni başlayan müəlliflər üçün qaydalara rast gəlib öyrəndi ki, ən yaxşı jurnallarda kiçik bir sütuna görə on dollar verirlər. Martin əlyazmanın hər sütununu on dollara vurdu – yüz dollar eləyirdi. O düşündü ki, bu, matrosluqdan qat-qat faydalı işdir. Üç günə yüz dollar! Bu qədər pul qazanmaq üçün o gərək üç ay dənizləri sərasər dolaşaydı.
Martin əlyazmasını iri bir zərfə qoyub “San-Fransisko icmalçısı”nın redaktoruna göndərdi. Elə bilirdi ki, redaksiyaya göndərilən yazılar dərhal nəşr edilir. Buna görə də oçerki cümə günü göndərdiyindən, bazar günü çıxacağını gözləyirdi. Başına artıq yeni fikir gəlmişdi: oğlan uşaqları üçün macəra səpkisində povest yazıb “Gəncliyin yol yoldaşı” həftəliyinə göndərsin.
Bir dəfə Martin balina ovlayan gəmidə Arktikaya səfər etmişdi; səfər müddəti üç il nəzərdə tutulsa da, gəmi fəlakətə uğradığından altı aya başa çatmışdı. Təxəyyülü güclü idi, yalnız gördüyü şeylərdən yazmağa üstünlük verirdi. Cümə ertəsi min sözdən ibarət birinci hissəni artıq yazıb qurtarmışdı.
Bazar günü səhər tezdən qəzet alıb bir neçə dəfə diqqətlə nəzərdən keçirdi, sonra büküb yerinə qoydu. Yaxşı ki, yazıçılığı barədə heç kimə deməmişdi. Fikirləşdi ki, yəqin, göndərilən yazıları elə də tez çap etmirlər.
Səhər yeməyindən sonra yenə povestlə məşğul oldu. Şər qarışana qədər yazır, sonra kitabxanaya gedir, kitabxana bağlanana qədər həftəlik və aylıq jurnalların arasında eşələnirdi ki, görsün necə şeirlər, hekayələr, povestlər naşirlərin xoşuna gəlir. Hər gün üç mindən çox söz yazırdı.
Cümə günü axşam povestini yazıb bitirdi. Povestdə iyirmi bir min söz vardı. Demək, dörd yüz iyirmi dollar alacağı vardı. Ömründə əlinə bu qədər pul birdən gəlməmişdi. Hətta bu qədər pulu nəyə və necə xərcləməyi də bilmirdi; geyim-kecimə, qəzet və jurnallara abunə yazılmağa xərcləyəcəyinə qərar verdi. Artıq qalan pula da Hertrudaya xidmətçi tutar, Meriyenə velosiped alar.
Martin qalın əlyazmanı “Gəncliyin yol yoldaşı” redaksiyasına yollayıb, ertəsi gün Rufgilə getdi.
Əvvəldən zəng etdiyi üçün onu Ruf özü qarşıladı. Onun yeni kostyumu Rufun gözündən qaçmadı. Bu dəfə şalvarı əyninə yaxşı oturmuşdu. Bu, Martinin sifarişlə tikdirdiyi ilk kostyum idi. O bu geyimdə daha zərif və boy-buxunlu görünürdü. Bundan başqa, oğlanın əlində kepka əvəzinə yumşaq bir şlyapa vardı.
Rufu daha çox Martinin danışığındakı dəyişiklik sevindirdi. O həm çox sərbəst, həm də dürüst danışırdı. Daha özünü Rufun yanında yad adam kimi hiss etmir, ancaq yenə də çox ehtiyatla tərpənirdi.
Martin qazanmaq və oxumağı davam etdirmək üçün yazmaq planından danışdı. Lakin Ruf buna şübhə ilə yanaşıb onu məyus etdi.
– Bilirsinizimi, ədəbiyyat da sənətdir, – Ruf dedi, – gərək əvvəlcə üç il, bəlkə də, beş il oxuyub-öyrənəsən.
– Yaxşı, nə məsləhət görürsünüz? Amma bir şeyi də nəzərə alın ki, yaza biləcəyimi, həqiqətən, duyuram, – Martin inamla dedi.
– Yazıçı olub-olmayacağınızın dəxli yoxdur, lakin mütləq oxumalısınız. Ona görə əvvəlcə məktəbə getməlisiniz. Onda yazıçılığı da davam etdirə bilərsiniz.
– İstər-istəməz davam etdirməli olacağam.
– Axı nə üçün? – qız narazı halda dedi. Martinin inad etməsi onun xoşuna gəlmədi.
– Çünki bunsuz mümkün olmayacaq. Axı mən yeməliyəm, kitab almalıyam, geyinməliyəm.
– Həmişə bunu unuduram, – qız gülə-gülə dedi, – ancaq sizdə yaxşı cəhətlər çoxdur, mən istərdim ki, bunlar daha da yaxşı olsun.
Ruf orta məktəbə qəbul imtahanlarının bazar ertəsi başlanacağını deyəndə Martin dərhal bildirdi ki, mütləq imtahan verməyə gedəcək.

10
Martin axşam Morzlarda şam yeməyinə qaldı. O çox ehtiyatla, yavaş-yavaş danışır, kobud sözlər işlətməməyə çalışırdı. Martindəki dəyişiklik missis Morzun xoşuna gəldi.
Martin isə həmin vaxt Artur və Normanla bazar günü velosipedlə şəhər kənarına gəzməyə getmək haqqında düşünürdü. Bu gəzintiyə Rufun da gedəcəyi onu həvəsləndirmişdi. Ömründə velosiped sürməmişdi. Söz yox ki, mütləq öyrənməli idi. Buna görə də evə qayıdanda qırx dollara velosiped aldı.
Bazar gününü qəbul imtahanlarına hazırlaşmağa sərf etməyi düşünsə də, mirvari ovu haqqında hekayə onu elə tutdu ki, gününü yaradıcılığa həsr etdi.
Bu bazar da “İcmalçı” onun dəfinəaxtaranlar haqqında hekayəsini nəşr etmədi. Martin buna görə pərt olmadı. Öz xəyalının qanadlarında o qədər yüksəklərə qalxmışdı ki, hətta Higginbotamın bazar günləri münasibətilə hazırlatdığı ləzzətli nahar yeməyinə çağırıldığını da eşitməmişdi.
Bazar ertəsi Martin Oklənd məktəbinə getdi. Ona bildirdilər ki, qrammatikadan başqa, bütün fənlərdən kəsilib. Professor Xiton ona dedi:
– Qrammatikanı çox gözəl bilirsiniz, lakin başqa fənlərdən heç nə bilmirsiniz. Birləşmiş Ştatların tarixinə dair suallara cavablarınız isə biabırçılıqdır. Sizə məsləhət görərdim ki, hələ iki il də ibtidai məktəbdə oxuyasınız. Xoş gəldiniz!
Bu məğlubiyyət Martinə o qədər də toxunmadı. Lakin Ruf bunu biləndə kədərləndi.
– Gördünüzmü, mən haqlı çıxdım, – Ruf dedi, – müəyyən bir sistem üzrə oxumalısınız. Bunun üçün isə yaxşı müəllimləriniz olmalıdır.
– Müəllim yanında oxumaqdansa, hər şeyi təkbaşına daha tez öyrənə bilərəm. Məktəbə getmək əbəs yerə vaxt sərf etmək deməkdir. Mənim isə boş yerə sərf etməyə vaxtım yoxdur!
– Fizika və kimya üçün sizə laboratoriya lazımdır. Təkbaşına heç bir vaxt cəbr-həndəsənin öhdəsindən gələ bilməzsiniz.
– Elə bilməyin ki, öyünürəm. Mənə həmişə elə gəlir ki, hər şeyi asanlıqla öyrənə bilərəm. Özünüz gördünüz ki, qrammatikanın öhdəsindən necə gəldim.
Ruf özü də sezmədən Martinə mehribanlıq göstərirdi. O, ömrünün iyirmi dörd ilini dinc yaşamış, kiməsə bənd olmamış, heç kimə maraq göstərməmişdi. Buna görə də indi hiss etdiklərinin eşq olduğunu anlamırdı.

11
Martin dənizçilik peşəsi, tısbağa ovu, şimal-şərq küləkləri haqqında bir oçerk yazdı. Sonra öz gücünü sınamaq istədi: kiçik hekayə yazmaq arzusuna necə qapıldısa, düz altı dənə hekayə yazıb müxtəlif jurnallara göndərdi.
Martinin baş vurmaq istədiyi bilik sahələri getdikcə artırdı. Hər dəfə Rufgildən çıxanda oxuduğu kitablara tezcə qayıtmaq üçün qaranlıq küçələrdən yüyürüb keçirdi. O, hər gün yalnız beş saat yatır, on doqquz saat işləyirdi.
Pulu artıq qurtarmaq üzrə idi. Qonorardan isə xəbər yoxdu. “Gəncliyin yol yoldaşı”na göndərdiyi əlyazmaları bir ay sonra geri qaytardılar. “San-Fransisko icmalçısı”ndan iki həftə cavab gözlədikdən sonra özü onlara məktub yazdı. Növbəti məktubuna da cavab gəlmədi. Beşinci həftənin sonunda izahatsız-filansız əlyazması poçtla geri qaytarıldı. San-Fransiskonun ən iri qəzetlərinə göndərdiyi başqa əlyazmalar da çox keçmədən geri döndü. Belə olanda Martin əlyazmalarını Şərq ştatlarında çıxan jurnallara göndərdi, ancaq onların da aqibəti eyni oldu. Əlyazmalarının izahsız-filansız geri qaytarılmasının səbəbini anlaya bilmirdi.
Martin lombarddan yazı makinası götürdü. Gündüz yazdıqlarını, o cümlədən, əvvəlki əlyazmalarının da hamısını makinada yazdı. Makinada yazılan əsərlər də geri qaytarılmağa başlayanda Martini heyrət bürüdü. Lakin əlyazmalarını inadla yeni-yeni ünvanlara göndərməyə davam etdi.


Martin hekayələrini Rufa oxumaq istəyirdi, lakin cürəti çatmırdı. Hekayələrdən birinin nəşr olunacağına qədər gözləməyi qərara almışdı. Martin məşğələlərini də davam etdirirdi. Dərslikləri oxuduqca təbiətin və dünyanın sirlərinə bələd olmağa başlayırdı. Arada şeir yazmaq fikrinə düşdü. Dəniz haqqında silsilə şeirlər yazdı. Bu şeirləri “Dəniz nəğmələri” adlandırdı və onları heç hara göndərmədi.
O artıq Rufla az-az görüşürdü. Çünki iyun ayı yaxınlaşırdı və Ruf imtahanlarını verib universitet diplomu almalı idi. Sənətşünaslıq bakalavrı!

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289298) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Redyard Kiplinq (1865-1936) – ingilis yazıçısı, şairi və novellaçısı
Martin İden Джек Лондон

Джек Лондон

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Martin İden, электронная книга автора Джек Лондон на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв