Alfred Nobel
Orlando de Rudder
Tarixi yaradanlar
Bu kitabı oxuduqca öz dövrünün məşhur iş və elm adamlarından olan Alfred Nobel barədə əvvəl bildiklərinizi unudacaq, əslində onun haqqında çox şeyi bilmədiyinizin fərqinə varacaqsınız.
Orlando de Rudder
Alfred Nobel
Həyat ana təbiətin bizə bəxş etdiyi qeyri-adi hədiyyə, qiymətli daşdır. Biz bu daşı o qədər cilalamalıyıq ki, onun parıltısı yolumuza işıq salsın.
Alfred Nobel
I FƏSİL
Beynimdə yaranan minlərlə ideyadan yalnız biri uğurlu alınırsa, məmnun qalıram.
Alfred Nobel
Alfred Nobelin atası Emmanuel Nobel
1815-ci ildən etibarən Avropada ciddi dəyişikliklər baş verirdi. Fransada Napoleon dövrünün şan-şöhrəti arxada qalmış, qitədə yeni böhranlı dövr başlamışdı. Qanlı-qadalı müharibələrdən keçən İsveç də həmin vaxt yoxsulluq içində idi. Bircə dəniz vasitəsilə taxta-şalban ticarəti tədricən inkişaf edirdi. Bu da sonralar ölkəyə böyük faydalar gətirəcəkdi.
Kitabımızın qəhrəmanı Alfred Nobelin atası Emmanuel Nobelin uşaqlığı məhz belə bir çətin vaxta təsadüf edirdi. O, 1801-ci ildə İsveçin liman şəhəri Evledə anadan olmuşdu. Onun ana tərəfdən qohumları arasında bir neçə dənizçi var idi. Odur ki Emmanuel də özünü bu sahədə sınamağı qərara aldı. 1816-cı ildə, cəmi on beş yaşı olanda həmin dövrün ən yaxşı yelkənli gəmilərindən birinə matros düzəldi. Bu gəmilərdə sərt nizam-intizam hökm sürürdü, bu nizam-intizamı pozanları isə çox vaxt fiziki cəzalar, hətta işgəncələr gözləyirdi. Bütün bu çətinliklər gənc Emmanuelin formalaşmasında, polad iradəyə sahib olmasında böyük rol oynadı. Üstəlik, dəniz səyahətləri onun dünyagörüşünü əməllicə artırdı.
Emmanuel 1818-ci ildə gəmi səfərindən Evleyə qayıtdı və kimya ilə maraqlanmağa başladı. Hərbi həkim olan atası oğlunun bu həvəsinə o qədər də baş qoşmurdu. O, oğlunu yeni dokların[1 - Dok – limanlarda gəmilərə baxış keçirilməsi və onların təmirə dayanması üçün xüsusi yer, qurğu] tikintisinə göndərmək qərarına gəldi. Orada Emmanuelin mexanika və çertyoj sahəsində bacarığı diqqəti cəlb etdi. Elə bu bacarıq da onu Stokholm Akademiyası yanında memarlıq məktəbinə gətirib çıxardı. Bir müddət sonra laborant vəzifəsinə qəbul olundu. Memarlıq təhsilini başa vurduqdan sonra isə o vaxtlar Stokholmda həyata keçirilən tikinti və bərpa işlərində iştirak etməyə başladı.
1830-cu ildə Fransada İyul inqilabı baş verdi. İnqilabda iştirak edən fəhlələr hakimiyyətdə olan Burbonlar sülaləsinin devrilməsinə, demokratik ideyaların genişlənməsinə nail oldular. İsveç Fransadan xeyli uzaqda olsa da, bu ölkədə baş verən inqilab paytaxt Stokholmdakı burjuaziyanın əl-qolunu işdən soyutdu. İndi onlar öz vətənlərində də inqilab olacağından qorxurdular.
Bu əndişə tezliklə özünü doğrultdu. Fransada baş verən hadisələr İsveçdə sosial mübarizəyə təkan verdi. Siyasi vəziyyət pisləşdi, inflyasiya və qıtlıq dolanışığı daha da ağırlaşdırdı. Aclıq başladı. 1838-ci ilin yayında isə ilk üsyan qalxdı. Həmin dövr tarixdə həm də Amerikaya kütləvi mühacirətlə yadda qalıb…
Belə bir vaxtda Emmanuel Nobel ölkəsinin iqtisadi həyatında fəal iştirak edirdi. O, körpülər tikməyə, bundan başqa, dəzgahlar və avadanlıqlar istehsal etməyə başlamışdı. Onun iti zəkası, daim nələrsə icad etmək həvəsi sonralar oğlu Alfredə «miras qalacaqdı». Dəzgahqayırma sahəsində fəaliyyəti dövri hərəkətin irəli hərəkətə çevrilməsini icad etməsinə imkan yaratdı. Emmanuel Nobel bu kəşfini 1828-ci ildə patentləşdirdi.
Emmanuel atasının hərbi keçmişini də unutmamışdı: eyni zamanda döşək, xilasedici jilet və üzən platformanın bir hissəsi kimi istifadə oluna bilən rezin əsgər çantasını icad etməsi də, yəqin ki, buradan qaynaqlanırdı. Həmin çantanı istehsal etmək üçün o, 1835-ci ildə İsveçdə ilk kauçuk zavodunun əsasını qoydu. Onun kimyaya göstərdiyi həvəs illər keçdikcə daha da artırdı. Laboratoriyası olmadığından ev şəraitində partlayıcı maddələrlə təhlükəli təcrübələr keçirirdi. Emmanuel «metal korpusun içində olan barıt vasitəsilə düşmən qüvvələrini suda və quruda məhv etmək üçün» mərmi hazırlamağa cəhd göstərdi. Söhbət adi minadan gedirdi. Sonradan bu ixtirasını İsveç hökumətinə təklif etdi. Ancaq hərbi neytrallığını saxlamağa və müharibələrə qoşulmamağa çalışan yerli hökumət həmin vaxt bu ixtiraya heç bir maraq göstərmədi.
Alfred Nobelin anası Andrietta Altsel
1825-ci ildə Emmanuel Nobel kəndli ailəsindən çıxmış Andrietta Altsellə ailə qurdu. Andrietta İsveçin cənubunda yerləşən Smolandda doğulmuşdu. Ata-babaları kimi o da məhrumiyyətlərə qarşı çox dözümlü idi. Bu isə Andriettaya həyatı boyu qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməyə kömək elədi. O, həmişə öz ərinə dayaq durmağı bacardı. Onun sonradan Stokholma köçən valideynləri qızlarını gözləyən çətinlikləri hiss eləsələr də, cavanlara xeyir-dua verdilər.
Gənc ailənin maddi vəziyyəti get-gedə pisləşirdi. Onlar ucuz ev axtarışı ilə yaşayış yerini tez-tez dəyişməyə məcbur olurdu. Az qala hər dəfə yeni mənzilə köçəndə isə ailənin növbəti uşağı dünyaya gəlirdi.
Andrietta on bir uşaq doğmuşdu: səkkiz uşaq İsveçdə, üç uşaq Rusiyada dünyaya gəlmişdi. Onlardan isə yalnız üçü on üç yaşını adlaya bilmişdi.
1832-ci ildə Emmanuel evdə olmadığı vaxt böyük bir yanğın baş verdi və bütün məhəlləni bürüdü. Andrietta son məqamda üç uşağı ilə birlikdə xilas ola bildi. Lakin ev içindəki əşyalarla birgə yanıb kül oldu. Ailə tamamilə var-yoxdan çıxdı.
Emmanuelin həmin dövrdə çəkilmiş fotoşəklinə baxanda ciddi sifəti, dalğın baxışları olan bir adam görürük. Onun sifətindən nəsə bir narahatlıq, narazılıq oxunur. Bu narahatlıq, bəzi xəstəliklər – miqren, döş anginası – sonralar atasından Alfred Nobelə keçəcəkdi.
Alfred Nobelin anadan olması
Alfred Bernhard Nobel 1833-cü il oktyabrın 21-də doğulub. O vaxt ailə Stokholmun mərkəzində yaşayırdı. Alfredin doğulduğu ev indi də qorunub saxlanılır. Elə də gözəgəlimli olmayan bu mansardalı ikimərtəbəli evin birinci mərtəbəsində əvvəllər mağaza yerləşirdi. Emmanuel ev kirayəsini zorla ödəyə bilirdi. Balaca Alfred isə vücudca və səhhətcə çox zəif idi. Emmanuel ilə Andrietta onun və o biri uşaqların həyatda qalması üçün gecə-gündüz işləməli olurdular.
Alfred Nobel on səkkiz yaşında avtobioqrafik poema yazacaqdı.
Mənim beşiyim ölünün çarpayısına oxşayırdı,
Uzun illər anam yuxusuz qaldı başım üstündə
Narahat, qorxa-qorxa,
Çünki bu odun sönməməsinə ümid az idi.
Özümdə güc tapıb nəfəs alanda
Qıcolmadan başlayırdım boğulmağa.
Bədənim üzgün halda titrəyirdi,
Hər an gələcək ölümü gözləyərək.
Bu şeir parçasının son misrasından fərqli olaraq Nobelin ömürboyu «ölümü gözlədiyini» söyləyə bilmərik. O, daim yaşamaq və yaratmaq eşqi ilə çırpınırdı: heç vaxt intihar haqqında fikirləşməmiş, ən çətin anlarda belə, həyata olan ümidini üzməmişdi. Lakin həmişə diri-diri basdırılacağından – hələ nəfəsi gedib-gələrkən dəfn ediləcəyindən qorxurdu. Çünki Alfredin yaşadığı dövrdə həkimlər belə səhvlərə tez-tez yol verirdilər: bəzən xəstə hələ canını tapşırmadan ölmüş hesab edilir və məzara qoyulurdu…
Emmanuel Rusiyada
Çətin gün-güzəran Emmanueli nəsə başqa addımlar atmağa məcbur edirdi. Bu yerdə valideynləri dadına çatdılar: iş dalınca Rusiyaya gedə bilməsi üçün ona yolpulu verdilər. Andrietta üç oğlu – Robert, Lüdviq və Alfredlə Stokholmda qaldı: dolanışıq üçün normal pul qazananda ərinin yanına köçəcəkdi.
Üç uşaqla tək qalan Andrietta valideynlərinin və dostlarının köməyi ilə dükan açdı. Beş il ərzində süd və tərəvəz satıb güc-bəla ilə ailəsini dolandırdı.
Xəstəhal uşaqlıq Alfred Nobelin bir insan kimi formalaşmasına böyük təsir göstərir. O, yaşıdları ilə oynaya bilmədiyindən qapalı həyat sürürdü. Məktəbə isə vur-tut səkkiz yaşında gedə bilmişdi. Bütün bunlar uşaq yaşlarından onu adamayovuşmaz eləmişdi. Həmin çətin illəri Alfred öz poemasında belə xatırlayırdı:
Budur, yenə uşağam.
Zəiflik qoparıb onu
Yaşadığı dünyadan.
Dostları oynayır,
O isə fikirli bir tamaşaçı;
Öz yaşının gözəlliyindən
Ala bilmir ləzzəti.
Gələcəyə qanadlanır düşüncələri.
Xəyalları uçur
Ağlının əlçatan yerlərə qədər.
Onda bəlli deyildi
Bu uçuşu dayandırmağın yolları.
Heç olmasa, nəşəli arzuların
Sərhədlərinə toxunmaq!
Kədərli keçmişim, kədərli indim
Bəlkə, xoşbəxt gələcəyə ilk addımımdır?!
Stokholmdakı ibtidai məktəblərin birində cəmi bir il oxusa da, bu müddətdə Alfred özünü yaxşı şagird kimi göstərə bilmişdi. Düşdüyü yeni aləmdə onun özünü necə hiss etdiyi barədə heç bir məlumat yoxdur. Ancaq uşaqların xarakterinə bələd olduğumuzdan, onların zəiflərlə qəddarcasına davrandıqlarını bildiyimizdən Alfredin çətin vəziyyətə düşdüyünü anlamaq olar. Yəqin, bu səbəbdən məktəbə yalnız bir il gedə bildi. Buna baxmayaraq yetkin yaşlarında o artıq bir neçə dil öyrənmişdi və hərtərəfli biliyi ilə hamını heyrətləndirirdi.
Atasının yanında olmaması uşağı get-gedə daha çox sıxırdı. Emmanuel onun üçün yalnız göndərdiyi məktublarda mövcud idi. O haradasa uzaqlarda ailənin firavan yaşayışını qurmağa çalışırdı. Fədakar atanın məskunlaşdığı ilk yer Finlandiyadakı Turku şəhəri idi.
Minanın ixtirası
1809-cu ildən Finlandiya Rusiyanın tərkibində idi. İlk vaxtlar hamıya elə gəlirdi ki, bunda pis heç nə yoxdur, çünki mədəni və siyasi həyatda nəzərəçarpacaq irəliləyiş baş vermişdi. Ancaq rus hökuməti yerli əhaliyə qarşı amansız ruslaşdırma siyasəti aparmağa başlayanda bütün illüziyalar darmadağın oldu.
Emmanuelin məskunlaşdığı Turku şəhəri körfəz kənarında yerləşdiyi üçün vətəni Evleni xatırladırdı. Yeri gəlmişkən, 1827-ci ildə baş verən yanğında ölkənin bu ən qədim şəhərinin dörddə üçü məhv oldu. Bərpa işləri uzun illər sürdü. Bu işdə Emmanuel Nobel də iştirak etdi və onun ucaltdığı binalar indi də qalır.
1840-cı ilin baharında Emmanuel Nobel Sankt-Peterburqa köçdü. Həmin vaxt Rusiyanı I Nikolay idarə edirdi. Fransada 1830-cu ildə baş verən inqilabdan dərhal sonra monarxiyanın və rus milliyyətçiliyinin qatı tərəfdarı olan I Nikolay ölkəsinin limanlarını bu ölkəyə aid gəmilərin üzünə qapatdı. Üstəlik, Burbonları hakimiyyətə qaytarmaq üçün Avstriya və Prussiya[2 - Prussiya – 1701–1918-ci illərdə Mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət] ilə ittifaqa cəhd etdi. Bundan başqa, I Nikolay Fransada güclənməkdə olan respublika ideyalarına[3 - İnsanlara geniş hüquq və azadlıqlar verilməsi] qarşı çıxdığından Belçikadakı oxşar inqilabı yatırmaq istədi. Ancaq başqa hadisələr onun planına mane oldu: Varşavada qiyam başladı. I Nikolay oraya qoşun göndərməli oldu. Polşa konstitusiyası ləğv edildi, ölkənin özü isə Avropa xəritəsindən silindi. Yalnız 1918-ci ildə, I Dünya müharibəsindən sonra Polşa uzun mübarizə və çətinliklərdən sonra müstəqil ölkə kimi yenidən dünya səhnəsinə qayıtdı. Polşanın ardınca I Nikolay Macarıstandakı milli azadlıq hərəkatını darmadağın etdi, bu da birbaşa Nobellərin taleyinə təsirsiz ötüşmədi.
Ümumiyyətlə, I Nikolay özündən sonra heç də yaxşı izlər buraxmayıb. Onun hakimiyyətdə olduğu müddətdə polis hər yerə, hamının işinə burnunu soxurdu. Ölkədə sərt senzura hökm sürürdü. Ancaq nə qədər qəddar olsa da, I Nikolayın incəsənətdən başı çıxır və onu yüksək qiymətləndirirdi. Müxalif yazıçıların rəğbətini qazanmağa çalışır, onlara yardım edirdi. Millətçi olmasına baxmayaraq Rusiya imperiyasının ərazisində məskunlaşmaq istəyən əcnəbilərə xeyirxahlıqla yanaşırdı. Vergiləri müntəzəm verəndə isə onlara hətta müəyyən güzəştlər də edirdi. Və bütün bu güzəştlər əcnəbilərin böyük var-dövlət sahibi olmasına imkan yaradırdı.
Emmanuel məhz bu səbəbdən bəxtini Rusiyada sınamaq istəyirdi. Ona görə də çar ordusu generalı Oqaryovun qəbuluna gedib icad etdiyi «dəmir korpusun içindəki barıtdan» söhbət açdı. General belə silahın faydalı olacağını düşünüb Nobelə öz axtarışlarını davam etdirməyi məsləhət gördü.
Emmanuel bir müddətdən sonra minanın gücünü hərbçilərə nümayiş etdirəndə, axır ki, çoxdan gözlədiyi uğura qovuşdu. Rusiya İsveçdən fərqli olaraq Nobelə lazım olan vəsaiti ayırdı.
Nobel bu uğurla kifayətlənməyib dövr edən qaynar su vasitəsilə Rusiyada ilk dəfə olaraq qızdırıcı sistem yaratdı. Bu yalnız başlanğıc idi. Daha da irəliyə getmək lazım idi.
Kimyanı dərindən bilmədiyindən onun eksperimentləri bəzən təhlükəli xarakter alırdı. Partlayıcıları quraşdırmağı başqalarına qadağan edir, həyatı bahasına olsa da, bu təhlükəli işi öz üzərinə götürürdü. Hansı qüvvələrin onu ölümdən qoruduğunu isə demək çətindir…
Andrietta və oğullarının Sankt-Peterburqa gəlişi
Öz məqsədinə çatıb kifayət qədər varlanandan sonra Nobel anladı ki, artıq ailəsini İsveçdən gətirə bilər. 1842-ci ildə Andrietta üç oğlunun müşayiəti ilə Sankt-Peterburqa gəldi. Onda Alfred Nobelin doqquz yaşı vardı. Onun qarşısında yeni dünya açılmışdı, kasıblıq isə tədricən xoşagəlməz xatirəyə çevrilirdi…
Sankt-Peterburqa gəlişindən bir il sonra Andriettanın oğlu Emil, sonra isə daha iki uşaq – oğlan və qız dünyaya gəldi. Ancaq İsveç kimi Sankt-Peterburqda da həmin illərdə uşaq ölümlərinin sayı çox yüksək idi. Bu səbəbdən də Emmanuel Nobelin Rusiyada doğulan uşaqlarından yalnız Emil sağ qaldı…
Stokholmla Sankt-Peterburqu eyniləşdirən xüsusiyyət onların hər ikisinin bataqlıqda salınması idi. İki şəhər arasında oxşarlıq bununla da bitirdi. Stokholm o dövrdə başdan-başa «çirkab sularının axıdıldığı arx» idi, evlər necə gəldi, səliqəsiz halda səpələnmişdi. Sankt-Peterburq – bu «Şimal Venesiyası» isə memar Leblonun layihəsi əsasında tikilmişdi. Barokko[4 - Barokko – XVI–XVIII əsrlərdə Avropada yayılmış çox təmtəraqlı incəsənət (memarlıq) üslubu] və klassik üslubda ucaldılmış binalar ona başqa şəhərlərə xas olmayan əzəmət verirdi. Burada dünya Nobellərin gözündə gözəlləşmişdi. Andrietta və uşaqları İsveçdə görmədikləri həyatı, cah-calalı yalnız burada daddılar. Emmanuel Nobelin uğuru fantastik idi. O qədər fantastik idi ki, bir-iki il ərzində Stokholmdakı bütün borcları ilə üzülüşə bildi. Uşaqlar məktəbə getmirdilər, ataları onların təhsilini evə gələn bir neçə müəllimə tapşırmışdı. Onların arasında kimya müəllimi Nikolay Zinin[5 - Nikolay Zinin (1812–1880) – Peterburq Elmlər Akademiyasının akademiki; Rus Kimya Cəmiyyətinin ilk prezidenti], xarici dil və tarix müəllimi isveçli B.Lare Santesson da var idi.
Bu iki şəxs Alfred və qardaşlarına son dərəcə böyük təsir göstərmişdi. Alfred Nobel yetkinlik yaşında İsveç, rus, alman, fransız və ingilis dilində sərbəst danışır, dünya tarixini gözəl bilirdi; Nikolay Zinindən aldığı biliklərin ona olan faydasına isə şübhə etməyə dəyməzdi. Alfredin şəxsiyyət kimi formalaşmasında Persi Biş Şellinin[6 - Persi Biş Şelli (1792–1822) – ingilis şairi, romantizm cərəyanın ən böyük nümayəndələrindən biri] poeziyasının, rus ədəbiyyatının da rolu az olmayıb. Fiziki cəhətdən zəif olan bu uşaq hər şeyə maraq göstərir, biliyə can atır, oxuduqlarını tezcə qavrayırdı. O bir dəfə də olsun, imtahan verməmişdi. Buna baxmayaraq zavodda atasına kömək eləyirdi, sonralar isə orada mühəndis oldu.
Həyatda elə də ünsiyyətcil olmayan Emmanuel qaynı Lüdviqə yazırdı: «Ailəmizdə hamı Alfredin biliyinə, əməksevərliyinə mat qalıb». Öz inadkarlığı sayəsində varlanan bu adamın oğlu haqqında tərifi, əlbəttə, heç də boş sözlər deyildi.
Alfredin gənc yaşlarındakı fotoşəkillərində onun atasından çox anasına oxşadığını görürük. Heyif ki, ona irsən anasının sağlamlığı keçməyib. Ancaq fiziki cəhətdən zəifliyinə baxmayaraq çox zəhmətsevər olduğunu bilirik. Alfredin bitib-tükənməyən daxili enerjisi həyatı boyu onu izləyən xəstəliklərə qarşı mübarizə aparmasına kömək etdi.
Bu ortaboylu, həyatsevər, zəif, eyni zamanda ciddi oğlanın gözlərindən həmişə kədər oxunurdu. Ruh düşkünlüyünə səbəb olan bu kədər Alfredə əzab verirdi.
Həyatda arzularına çatmaq üçün təkcə zəhmətsevərlik kifayət etmir: sistemli təhsil almaq lazımdır. Emmanuel Nobel istəmirdi ki, oğlu da onun özü kimi biliklərinin mükəmməl olmadığından əzab çəksin. Həmin vaxt isə Rusiyada münasib təhsil almaq mümkün deyildi. Oğlunu hansısa universitetə göndərə də bilərdi, ancaq buna diplom və zəmanət lazım idi. Emmanuel belə qərara gəldi ki, Alfred üçün öyrənməyin ən yaxşı yolu səyahət ola bilər…
II FƏSİL
O, son dərəcə gənc idi. O qədər gənc idi ki, gəncliyi vaxtsız qocalıqdan xəbər verirdi.
Filip Supo
Alfred səyahətə çıxır
Gənc Alfred Nobelin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, İtaliya və Almaniyaya səyahəti nə az, nə çox – düz üç il uzanacaqdı…
Alfredin heç nəyə xüsusi heyranlıq hissi yox idi; bu onu yaşıdlarından fərqləndirirdi. Şübhəsiz, ruh düşkünlüyünə meyilliyi onu bu duyğudan məhrum eləmişdi. Buna görə də ucsuz-bucaqsız okean Alfredə xəyallarında olduğu kimi təsir etmədi və bu məyusluğun izlərinə onun poemasında rast gəlirik:
Dənizlərin o tayındakı torpaqları görmək üçün
Tərk etdim doğma yurdu gənc yaşlarımda.
Okean öz böyüklüyü ilə canlandı qarşımda,
Ancaq onun hüdudsuzluğu məni heyrətləndirmədi,
Çünki təsəvvürümdə o daha nəhəng idi.
Beləcə, Alfred Nobel ömründə ikinci dəfə evdən ayrıldı. Ancaq bu ayrılıq ona ağrıdan, məyusluqdan başqa heç nə vermədi. Bu sarsıntı o qədər güclü idi ki, uzun illər ərzində özünə daimi sığınacaq tapa bilməyəcəkdi. Nədən belə idi? Hər şeyin bir dəfə olduğu kimi, yenə dağılacağı, məhv olacağı qorxusundanmı?
Onun səyahəti 1851-ci ildən başladı. Həmin vaxtlar səyahətə çıxmaq elə də asan məsələ deyildi, çünki nəqliyyat vasitələri inkişaf etməmiş, dəmiryolları isə yenicə yaranmağa başlamışdı.
Təəssüflər olsun ki, gənc Nobelin öz səfəri haqqında heç bir xatirəsi yoxdur. Poema bununla bağlı onun yalnız hiss-həyəcanlarını əks etdirir.
Çox heyif ki, bu dövrdə Alfred daha çox öz daxili aləminə aludə idi. Yoxsa Almaniyanın birləşdiyi[7 - 1871-ci ildə Prussiya krallığının rəhbərliyi altında Avstriya və İsveçrə istisna olmaqla almandilli ərazilərin vahid dövlətdə birləşdirilməsi – Almaniya imperiyasının yaradılması nəzərdə tutulur.] məqamda onun iti zəkası bizə həmin dövr haqqında bir çox qiymətli məlumatlar verə bilərdi.
O ki qaldı Fransaya, Alfred bu ölkəni 1848-ci il inqilabından sonra yaranmış böhranın ağuşunda gördü. O bu ölkəni elə sevəcəkdi ki, bir neçə ildən sonra orada yaşamaq qərarına gələcəkdi. Alfredin nitroqliserinin[8 - Nitroqliserin – partlayıcı təsirə malik olan maddə] vətəni İtaliyada olması barədə isə bizə, demək olar, heç bir məlumat çatmayıb. Gələcəkdə Alfred orada da öz laboratoriyasını yaradacaqdı.
Gənc Nobel həmin dövrdə Amerika sənayesinin inkişafı barədə heç nə deməyib. Həmin vaxt Amerikada köləliyə qarşı mübarizə gedirdi, Kaliforniyada qızıl çıxarılmasına başlanmışdı. Ancaq Alfredin bu ölkədə barıt sənayesinin inanılmaz dərəcədə yüksəlişi barədə bir kəlmə də bəhs etməməsi lap təəccüblüdür. Halbuki Eleter İren[9 - Eleter İren Düpon de Nemur (1771–1834) – kimyaçı və sənayeçi; DuPont-un yaradıcısı və ilk prezidenti] tərəfindən 1802-ci ildə yaradılan firma əvvəl Amerikada, sonra isə bütün dünyada ən böyük kimya korporasiyasının əsasını qoymuşdu.
Hər halda, bu susqunluq Nobelin Amerikanı diqqətlə müşahidə eləməsinə, dərindən öyrənməsinə, dərk etməsinə mane olmayıb. O, səyahətin gedişində əldə etdiyi biliklərdən sonralar yetərincə yararlanmağı bacardı: öz istehsalat fəaliyyətini elə təşkil etdi ki, bunu yalnız Amerikada bacarmaq mümkün idi.
Beləliklə, Alfred Nobel həmin maraqlı dövrdə tarixin gedişatına təsir edən bütün mühüm hadisələrin şahidi oldu. O, tarixi proseslərin lap mərkəzində idi, ancaq gördüklərindən bir kəlmə də danışmır, susqun müşahidəçi olaraq qalırdı. Səyahət zamanı müxtəlif adamlara yazdığı məktublarda o yenə xəstəhal, xəyalpərvər, narahat adam təsiri bağışlayırdı. Bu məktublarda onun tənhalığa can atdığı ifadə olunurdu. Sanki gələcəkdə ona lazım olacaq bilik və ideyaları dinməzcə toplayırdı. Sonradan o, bir zamanlar susqun müşahidəçi kimi dolaşdığı yerlərə qayıdacaq, orada yaradacaq, ixtiralar edəcək, müxtəlif nailiyyətlərə imza atacaq, eyni zamanda yenə problemlərlə və uğursuzluqlarla üzləşəcəkdi.
Hələliksə…
Hələliksə Alfred susurdu…
Məhv olmuş məhəbbət
Gənc Nobel Fransada olarkən Parisdə bir qadına vurulur, ancaq onların yaxınlığı uzun çəkmir; bu yaxınlıq kimliyi müəmmalı qadının ölümü ilə bitir. Həmin qadın, çox şübhəsiz ki, Nobelin həyatı ilə bağlı ən cazibəli sirlərdən biridir. Bu gözəl, xeyirxah qadını Alfred yazdığı poemada heyranlıqla, öz sözləri ilə desək, «başgicəlləndirici» xoşbəxtlik kimi xatırlayır.
Heç bir xudbinlik bizi birləşdirən telləri qıra bilməz,
Heç bir valideyn bizim qovuşmağımıza mane ola bilməz.
Onu niyə sevirdim?
Çünki o, qızılgülün ətri kimi
təbiətin özü idi.
Qızın ölümü Nobelə çox pis təsir eləyir, ona görə «divanə dünyada zahid kimi tək-tənha yaşamaq», ömrünü dəyərli işlərə həsr etmək qərarına gəlir.
«Zahid kimi tək-tənha…» Deyəsən, bu ifadəyə qırx yaşlı Alfred Nobelin məktublarının birində yenə rast gəlinəcək…
Bu məhəbbət həqiqətən olub, yoxsa Nobelin xəyallarının məhsuludur? Nobeli yaxından tanıyan adamlara həmin sirli əhvalat inandırıcı görünməyib. O, uydurmalara meyilli olmasa da, bu kədərli əhvalat gənc Nobelin sevdiyi kitabların süjetini çox xatırladır. Onun narahat xarakteri, xəyalpərvərliyi bu fantaziyanın yaranmasına səbəb ola bilərdi.
Gənclikdə, xəyalla reallıq arasında fərq hələ dərk olunmayanda belə fantaziyalar yaranır. Melanxoliyaya[10 - Melanxoliya – ruh düşkünlüyü, bədbinlik, fikirçəkmə, depressiya və qəmginlik halı; məyusluq, bəd şeylər haqqında düşünmə və bundan əzab çəkmə] meyilli adamlar bu cür fantaziyaların yaranmasına hərdən imkan verirlər. O dövrün ədəbiyyatında, qədim əfsanələrdə, şimal xalqlarının miflərində bol-bol rast gəlinən bu mövzu tədricən Nobelin şüuruna həkk olunmuşdu.
Belə çıxır ki, sevdiyi qızın ölümü yalnız fantaziyadır? Əlbəttə, bunu dəqiq deyə bilmərik, bu da fərziyyələrdən biridir.
Nobel səyahət zamanı Parisdə çox qalmış, öz biliklərini Peluzun[11 - Teofil-Jül Peluz (1807–1867) – fransız kimyaçısı] laboratoriyasında xeyli təkmilləşdirmişdi. Və orada Peluzun şagirdi Askanyo Sobrero (1812–1888) və fon Libixlə[12 - Yustus fon Libix (1803–1873) – alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezidenti] tanış olmuşdu.
Sobrero, nitroqliserin və itin ölümü
Askanyo Sobrero ilə görüşənə qədər Alfred Nobel öz müəllimi Nikolay Zinindən bu italyan haqqında, onun nitroqliserini ixtira etdiyi barədə eşitmişdi. Həmin vaxt bir çox alimlər partlayıcı maddə əldə etməyə çalışmışdılar. Onlar bunun üçün hələ ki, yalnız qara barıtdan istifadə edirdilər. Avropalılara barıt çinlilərin sayəsində məlum olmuşdu. Yeri gəlmişkən, çinlilər onu müharibədə, mülki işlərdə istifadə etmirdilər. Vaxtilə çinlilər tərəfindən kəşf edilən barıtın Avropada hərbi məqsədlər üçün istifadə olunması Bertold Şvartsın (1310–1384) adı ilə bağlıdır. Bəzilərinin yarıəfsanəvi şəxsiyyət hesab etdiyi Şvarts həm də topların yeni üsulla tökülməsi ilə tanınır.
Partlayıcı maddənin yeni tərkibi 1845-ci ildə tapıldı. Bunun Fridrix Şönbayn[13 - Fridrix Şönbayn (1799–1868) – ozonu kəşf edən alman kimyaçısı] tərəfindən tamamilə təsadüfən kəşf edildiyi deyilir. Mətbəx plitəsində azot və kükürd turşusunu qaynadanda bu təhlükəli qarışığın olduğu flakon partlayır. Şönbayn plitəni silmək üçün əlini tələsik arvadının pambıq önlüyünə atır. Qarışığa toxunan önlük alışır. Turşuların qarışığı öz-özünə yana bilməzdi, buna səbəb pambıq olmuşdu. Piroksilin belə kəşf edilib.
Təəccüblü deyil ki, bu ixtiradan xəbər tutan bir çox kimyaçı yeni partlayıcı maddə əldə etmək üçün turşularla maraqlanmağa başladı.
Askanyo Sobrero 1847-ci ildə nitroqliserinin sınağını keçirdi. Bu eksperimenti o belə təsvir eləyir: «İçində maddə olan kasa spirt lampası ilə qızdırılanda çox güclü partlayış baş verdi. Kasa parça-parça oldu. Növbəti dəfə həmin maddədən az miqdarda qoyulmuş sınaq borusunu qızdırdıq. Partlayış o qədər güclü oldu ki, sınaq borusunun qəlpələri mənim və eksperimentdə iştirak edənlərin əlini, üz-gözünü yaraladı». Sobrero başqa eksperimentlər də keçirdi: «Əgər az miqdarda nitroqliserini udmayıb dilinin altına qoysan, bədəndə əzginliklə müşayiət olunan bərk başağrısı başlayar».
Bir dəfə isə o, müəyyən miqdar nitroqliserini itin yeməyinə əlavə edir. İt qıc olur, ağzından köpük gəlir və təxminən iki saat sonra ölür. Sobrero belə nəticəyə gəlir ki, bu qarışıq təkcə partlayıcı xüsusiyyətə malik deyil, eyni zamanda zəhərlidir. Ondan necə faydalanacağını Sobrero bilmirdi. Sonradan onun ağlına gözəl bir fikir gəlir: bu maddədən daxili xəstəliklərdə istifadə etməyi qərarlaşdırır. Beləcə, bir itin həyatı hesabına milyonlarla insanın həyatı xilas olmağa başlayır. Belə ki, Sobreronun sayəsində bu qarışıqdan ürək xəstəliklərinə qarşı dərman kimi istifadə edilir. Gələcəkdə isə həmin dərmandan Alfred Nobel də istifadə etməli olacaq… O əmin idi ki, italyan kimyaçının hazırladığı mikstura başqa sahələrdə də işlənəcək. Buna o qədər əmin idi ki, özünü onun ixtiraçısı elan etdi. Açıq desək, Alfred Nobel italyanın ixtirasını oğurladı. Vicdanını sakitləşdirmək üçün isə o deyə bilərdi ki, nitroqliserinin hansı imkanlara malik olduğunu məhz özü anlayıb. Bir neçə il sonra Alfred onun istehsalına başladı.
Nobelin gələcək həyatına təsir edən görüşlərdən biri də Nyu-Yorkda baş vermişdi. Nobel orada atasının yaşıdı olan kapitan Con Eriksonla görüşmüşdü. Ola bilsin, bu görüşü elə atası Emmanuel Nobel təşkil etmişdi.
Hər halda, Con Eriksonla Alfredin maraqları üst-üstə düşürdü. Həmin tanışlıqdan Nobel, yəqin ki, özü üçün faydalı çox şey öyrənib; çünki Erikson silah istehsalı ilə məşğul idi.
Şərq məsələsi
1852-ci ildə Alfred Nobel atasının «Emmanuel Nobel və oğulları» zavodunda işləmək üçün Sankt-Peterburqa qayıtdı. Ata Nobelin işləri getdikcə çiçəklənirdi. Rusiyanın təcavüzkar siyasəti bu ölkənin nüfuzuna ziyan vursa da, Nobelə yaxşıca gəlir gətirirdi.
Macar milli azadlıq hərəkatının 1848–1849-cu illərdə yatırılması İngiltərə və Fransanın etirazına səbəb oldu. Bundan başqa, İngiltərənin Şərqlə bağlı böyük planları var idi. Ancaq Şərq regionu Rusiyanı da çox maraqlandırırdı. Bu sadaladıqlarımıza, necə deyərlər, «Şərq məsələsi»nə, bir vaxtlar çiçəklənən, sonra isə öz qüdrətini itirməyə başlayan Türkiyə daxilində və xaricindəki vəziyyəti də əlavə etmək olar. Rus ordusu 1853-cü ildə Sinop yaxınlığında türk donanmasını darmadağın etdi. Elə bu da kifayət etdi ki, İngiltərə, Fransa, Türkiyə və Sardiniya hərbi blok yaradıb Rusiyaya müharibə elan etsin. 1854-cü il sentyabrın 14-də ingilis və fransız əsgərləri Evpatoriyaya çıxdılar.
Rus ordusunun silah-sursatı çatışmırdı. Bu səbəbdən Nobelin zavodları böyük sifarişlər almağa başladı, eyni zamanda Emmanuel, nəhayət, öz biliyini praktikada tətbiq etmək üçün imkan qazandı. Geridə qalmış Rusiyada kadrlar çatışmırdı. İstehsalı təşkil etmək üçün Nobelə isveç mütəxəssisləri lazım idi. Nobelin zavodları Rusiyada yaranan ilk dəmiryolu üçün şpallar, tüfəng, top buraxırdı. Alfred bu yerdə Eriksonu xatırladı. Rus ordusunun ilk buxar gəmiləri üçün buxar mühərriklərinin buraxılmasına başlandı. Onlar isə sonralar özlərini yaxşı tərəfdən göstərdilər; Nobelin inşa etdiyi bir neçə gəmi I Dünya müharibəsinə qədər, yəni altmış ildən çox işlədi.
Müharibə başlayanda bir qədər unudulsa da, dövlət əhəmiyyətli sirr kimi qorunan dəniz minalarına heç vaxt olmadığı qədər zərurət hiss olundu. Emmanuel və böyük oğlu Robert onları şəxsən Kronştadt yaxınlığında Fin körfəzinin donmuş buzlarına düzürdülər. Onların partlayıcı gücü heyrətamiz idi. Görünür, məhz Emmanuellə Robertin birgə gördüyü iş birləşmiş ingilis-fransız donanmasının məğlubiyyətinə səbəb oldu. Həmin donanmanın admirallarından biri Napye bu məğlubiyyət haqqında yazırdı: «Fin körfəzi bu lənətə gəlmiş minalardan qaynayır…»
Bütün bunlara baxmayaraq qarşı tərəfə müqavimət göstərmək üçün Rusiyanın gücü hələ də kifayət qədər deyildi. Nəticədə Rusiya müharibəni uduzdu. I Nikolay vəfat etdi və taxta oğlu çıxdı.
Müharibənin başa çatması Nobellər üçün fəlakətə çevrildi. Yeni hökumətə daha bu qədər mina, top-tüfəng lazım deyildi. Nobelin zavodu sifariş almırdı. Odur ki kütləvi ixtisarlar başladı…
Rusiyada artıq yeni tarix yazılırdı. II Aleksandr atasının yaratdığı idarəçilik sistemini dəyişdirdi. O, Rusiyada dəmiryolu şəbəkəsini yaratmağa, yerüstü, eləcə də dəniz və çay nəqliyyatını təkmilləşdirməyə girişdi.
Növbəti uğursuzluq
Hər şeyə rəğmən «Emmanuel Nobel və oğulları» firması yeni vəziyyətə kifayət qədər tez uyğunlaşdı. Emmanuel Nobel dərhal ən azından iyirmi paroxod inşa etdi, Volqa və Xəzər dənizində ilk dəfə sərnişin gəmiçiliyini yaratdı.
Ancaq istehsalat daha əvvəl olduğu kimi qazanc gətirmirdi. Buraxılan məhsulların yüksək keyfiyyətinə baxmayaraq zavodun sifarişi az olurdu, bu da, təbii ki, qazancın azalmasına gətirib çıxarırdı. Təcili surətdə yeni maliyyə mənbələri tapmaq lazım idi. Belə bir vaxtda II Aleksandr dünənəcən ölkəsinin düşməni olan Avropaya üz tutmuş, onunla əməkdaşlıq qərarına gəlmişdi.
Emmanuel Nobel bu fürsətdən yararlanmaq fikrinə düşdü. Özü bir neçə dil bilsə də, ingilis və fransız maliyyəçilərlə əlaqə yaratmaq, onlardan kömək istəmək üçün oğlu Alfredi Avropaya göndərmək qərarına gəldi. Ancaq səfər uğursuz oldu. Yenə müflis olmaq təhlükəsi Nobellərin başı üstünü kəsdirmişdi. Bu ailə Rusiyaya gələnə qədər hansı vəziyyətdəydisə, yenə eləcə kasıblamışdı. Onda Emmanuel İsveçə qayıtmaq qərarına gəldi.
Alfred, Robert və Lüdviq Sankt-Peterburqda qalıb zavodların dayanmamasına çalışırdılar. Ancaq sonra bu fikirdən əl çəkib Rusiya və İsveçdə başqa layihələr reallaşdırmağa başladılar.
Oğulları ailənin əvvəlki güzəranını qaytarmağa çalışdığı vaxt Emmanuel Nobel həyatının mənası saydığı elmi araşdırmalarla məşğul idi. 1857–1859-cu illərdə Emmanuel üç ixtira etdi. Bunlar minanın ixtirasından az əhəmiyyətli olsalar da, faydasız deyildilər: havanın təzyiqini ölçmək üçün cihaz, mayenin miqdarını dəqiqləşdirən aparat, nəhayət, təkmilləşdirilmiş barometr[14 - Barometr – atmosfer təzyiqini ölçmək üçün cihaz] və manometr[15 - Manometr – qapalı mühitdə mayenin və ya qazın təzyiqini ölçən cihaz].
1859-cu ildə Emmanuel Nobel arvadı və Rusiyada doğulan yeganə oğlu Emillə (1843–1864) birdəfəlik İsveçə köçdü. Müflis olmuş Nobel necəsə ailəsini dolandırmalı idi. O vaxta qədər əvvəlki borcları ilə artıq üzülüşmüşdü. Ancaq təzədən iş qurmaq elə də asan deyildi.
Hər halda, Nobel boş durmurdu; təkmilləşdirdiyi pulemyotu bir neçə zabitə nümayiş etdirdi. Bu pulemyot həmin zabitlərdə böyük təəssürat yaratdı. Məlum deyildi, pulemyotu Nobel özü yığmışdı, ya onu Sankt-Peterburqdan gətirmişdi.
Sözügedən silahın istehsalı üçün maliyyə, yer və işçi qüvvəsi lazım idi. Bundan başqa, işin davam etdirilməsinə materialların çatışmazlığı da mane olurdu; onların istehsalı üçün bir zavod da tikilməli idi. Belədə, şübhəsiz ki, xərclər daha da artacaqdı. Üstəlik, istehsalat gərək yüksək səviyyəli texnika ilə təchiz edilə idi.
Bu həmin dövr idi ki, sənaye, tikinti və nəqliyyat sahələri ən az maaşla işləməyə razı olan ucuz işçi qüvvəsi tələb edirdi.
Yeni enerji mənbəyinə – daş kömürə ehtiyac artırdı. Çox sayda adam təmiz havadan, gün işığından uzaqda – şaxtalarda çalışırdı. Ancaq daş kömür hasilatının artırılması üçün fəhlə çatışmırdı. Sənayedə də, orduda da yeni partlayıcı maddəyə ehtiyac hiss olunurdu.
Alfred Nobel hələ Rusiyada olanda Sobreronu və unudulmağa başlanmış nitroqliserini xatırladı.
Sobrero nitroqliserini kəşf eləyəndə bu maddənin hansı sahədə əməli şəkildə tətbiq olunacağını bilmirdi. Yuxarıda da qeyd etdiyimiz kimi, yalnız sonralar ondan tibdə istifadə etməyə başlamışdı. Emmanuel və Alfred Nobeldən savayı heç bir kimyaçı bu partlayıcı maddənin nəhəng imkanlarını təsəvvür eləmirdi.
Nitroqliserinin istehsalı çox çətin idi, bu təhlükəni aradan qaldırmaq, ya azaltmaq üsulları isə onda hələ məlum deyildi.
Alfred Parisdə
Öz işlərini yoluna qoymaq üçün zəruri maliyyə vəsaitini tapmaqdan ötrü Alfred 1861-ci ildə yenidən Parisə yollandı. Orada İkinci imperiya[16 - İkinci imperiya – Fransada dövlət çevrilişi nəticəsində hakimiyyətə gələrək İkinci respublikanı ləğv etmiş imperator III Napoleonun hakimiyyəti dövrü (1852-ci il 2 dekabr – 1870-ci il 4 sentyabr)] dövrünün ən böyük maliyyəçilərindən olan Pereyra qardaşları ilə görüşdü.
60-cı illərdə Avropa qaynayırdı. Avropa romanının qızıl dövrü idi. Hüqo, Dikkens, Flober, Turgenev, Dostoyevski, Tolstoy kimi ədiblər bir-birindən möhtəşəm əsərlər yazıb-yaradırdılar. Yeri gəlmişkən, Alfred həmin müəllifləri diqqətlə oxumuşdu. Bundan başqa, Avropada elm, təfəkkür sürətlə dəyişirdi. 1859-cu ildə Darvinin «Növlərin mənşəyi» əsəri böyük qalmaqala səbəb oldu. Beş il sonra Maksvell[17 - Ceyms Maksvell (1831–1879) – ingilis fiziki, riyaziyyatçısı və mexaniki] işığın elektromaqnit təbiəti haqqında öz ideyasını irəli sürdü. Bir il sonra Mendelin irsiyyət qanunları haqqında kitabı nəşr olundu. 1867-ci ildə isə antiseptik maddələr yarandı.
Eyni vaxtda yeni siyasi cərəyanlar meydana çıxırdı. 1864-cü ildə I İnternasional[18 - I İnternasional – işçi sinfin 1864-cü ilin 28 sentyabrında təsis edilən ilk kütləvi beynəlxalq təşkilatı] təşkil edildi. 1867-ci ildə K.Marksın «Kapital» əsəri nəşr olundu.
Həmin dövrdə İngiltərə və Fransa iqtisadi inkişaf yoluna qədəm qoymuşdular. Yeni[19 - Yeni dünya – Amerikanın avropalılar tərəfindən kəşfindən sonra (XV əsr) Yer səthinin Şimali və Cənubi Amerikanı əhatə edən hissəsinə verilmiş tarixi ad] və Köhnə dünya[20 - Köhnə dünya – Yer səthinin Amerikanın kəşfindən qabaq (XV əsr) avropalılara məlum olan hissəsinə verilmiş tarixi ad] arasında kabel teleqraf xətti çəkilmişdi, Süveyş kanalı tikilirdi. 1855-ci ildə polad istehsalı üçün Bessemer konverteri quraşdırıldı. 1863-cü ildə Solvey soda hasil etmək üsulunu icad elədi və s.
Bütün bu elmi-texniki nailiyyətlər iri bankların yaranmasına təkan verdi. Onlar Avropada iqtisadi inkişafa yardımçı olmağa başladılar. Məhz belə bir vaxtda Alfred Nobel Pereyra qardaşlarının bankına müraciət etmişdi.
Emmanuel Nobel kimi Pereyra qardaşları da Rusiyada yaşadıqları müddətdə buxar maşınlarına maraq göstərmişdilər. Qardaşlardan biri İsaak Pereyra (1806– 1880) Fransada ilk dəmiryolunun çəkilməsinə və istismara verilməsinə böyük güc sərf eləmişdi.
Beləliklə, Nobellər Pereyra qardaşlarından aldıqları krediti nitroqliserin istehsalına yatırdılar…
Nobelin patentləşdirdiyi partlayıcı
Pereyra qardaşlarından alınan kredit Emmanuelə Stokholm yaxınlığındakı köhnə fermaya köçməsinə imkan verdi. Nobelin ailəsi bu fermanı bir fəhlə, həmçinin arvadı və beş uşağıyla birgə yaşayan kəndli ilə bölüşdürürdü.
1862-ci ildə Nobel nitroqliserinin daha sadə üsulla istehsalına cəhd göstərdi. O, Sobreronun üsulundan fərqli olaraq öz məhsuluna 10 faiz də barıt əlavə etmişdi.
Hərdən Emmanuel Nobel bu qarışığın sınağını keçirirdi. Bir dəfə onun kimyanı yaxşı bilməməsi bədbəxt hadisəyə səbəb oldu: kifayət qədər kənara çəkilmədiyindən partlayışdan zərər gördü. Onda belə bir sual yarandı: partlayışı necə istiqamətləndirməli və necə idarə etməli?
Atasından fərqli olaraq etdiyi səyahətlərin, müəllimi Nikolay Zininin, eləcə də Eriksonla görüşün sayəsində Alfred gözəl kimyaçı olmuşdu. Emmanuel İsveçdə öz təhlükəli sınaqlarını keçirdiyi günlərdə Rusiyada yaşayan oğlu da vaxtını boşa xərcləmirdi. Özünün bu ölkədəki eksperimentlərindən biri haqda o belə yazırdı: «Nitroqliserinlə ilk uğurlu təcrübəni 1862-ci ildə keçirdim. Bu, qardaşım Lüdviqə məxsus mexanika zavodunun ərazisindən axan kanalın yanında oldu. Sınaqda hər iki qardaşım iştirak edirdi. Kiçik sınaq borusuna bir az nitroqliserin qoyub ehtiyatla ağzını bağladım. Bu sınaq borusunu ondan iri olan, barıt doldurulmuş başqa sınaq borusunun içinə yerləşdirdim. Ona fitil bərkidilmişdi. Onun da ağzını bağladım, fitili yandırıb onları suya atdım. Suyu göyə qaldıran güclü partlayış nitroqliserinin barıtdan heç də azeffektli olmadığını göstərdi».
Sınaq uğurla başa çatmışdı. İndi «partlayıcı maddələrin hazırlanması və istifadəsi»ni patentləşdirmək qalırdı. Bu da növbəti ilin əvvəlində baş verdi. Alfred problemin həlli yolunu tapdığı üçün qürur duyurdu, ona görə də atasına tələsik məktub yazıb ixtirasını ətraflı şərh elədi.
Həmin vaxt Emmanuel Nobel də bu problemin üstündə baş sındırırdı. Məktub Emmanueli o qədər hirsləndirdi ki, hətta oğlunu ixtiranı oğurlamaqda təqsirləndirdi.
Alfred Nobel həyatı boyu haqlarının qorunması, ixtiralarının tanınması üçün mübarizə aparmışdı. Ancaq bu dəfə vəziyyət ikiqat mürəkkəb idi, çünki haqqını öz atası ilə mübarizədə qorumalı idi.
Yaranmış mübahisə Alfredi dərindən sarsıtdı. O öz ideyası ilə qürur duyurdu və istəmirdi ki, kimsə onun bacarığını şübhə altına alsın. Alfred atasına məktub yazıb özünü təmizə çıxarmağa çalışdı və bir az təkəbbürlə, hətta qəzəblə öz ixtirasının mahiyyətini bir də izah elədi. Məktub «Əziz ata» sözləri ilə başlayırdı.
Emmanuel vicdanlı adam idi, oğlunun ikinci məktubundan sonra onun haqlı olduğunu etiraf etdi. O belə addım atmaq üçün kifayət qədər cəsarətli idi. Beləcə, mübahisə sona çatdı və ata-oğul barışdı. Ancaq bu münaqişə Alfredin ürəyində silinməz iz buraxdı. Həmin hadisənin ağrısını uzun müddət unuda bilmədi. Ona elə gəlirdi ki, əvvəlki dünyası uçub, əvvəlki həyatdan əsər-əlamət qalmayıb. Əlbəttə, ata ilə oğul arasındakı münasibət tədricən qaydaya düşdü. Amma bunun üçün xeyli müddət lazım oldu.
Alfred 1863-cü il oktyabrın 14-də ixtirasını patentləşdirdi. Onda söhbət barıta nitroqliserin əlavə etməklə partlayışın vur-tut gücünü artırmaqdan gedirdi. Elə həmin il Alfred bir dəstə isveç zabitini yeni partlayıcı maddənin sınağına dəvət etdi. Bu dəfə Nobel nitroqliserinlə barıtın bərabər həcmdə doldurulduğu çuqun bombanı nümayiş etdirdi. Partlayış son dərəcə güclü oldu. Dəvət olunan zabitlər qorxmuşdular; onlar hətta düşündülər ki, bu maddənin qadağan olunması üçün hərbi komandanlığa müraciət etsinlər.
Alfred sonra Stokholm yaxınlığındakı daş karxanasında bir neçə qayanı partlatdı. Partlayışı izləyənlər bu dəfə də qorxuya düşdülər.
1865-ci il mayın 5-də Alfred nitroqliserinin yeni istehsal üsulunu və partlayış gücünün idarə olunmasını təklif etdi. Bu onun ilk əhəmiyyətli ixtirası idi. Bir çoxları hətta onu barıt kəşf olunduğu dövrdən bəri irəliyə doğru atılmış ən nəhəng addım hesab edirdi.
Stokholma qayıdış
Alfred Nobel atası ilə birlikdə işləmək üçün İsveçə qayıtdı. O düşünürdü ki, ixtirası atasının istehsalatı təşkil etdiyi İsveçdə daha lazımlı olar.
Stokholmdan getdiyi vaxtdan – Alfredin onda doqquz yaşı vardı – şəhər heç dəyişməmişdi. Əhali artmışdı, ancaq sanitar vəziyyət kənar müşahidəçiyə dəhşətli təsir bağışlayırdı.
Urbanizasiya[21 - Urbanizasiya – cəmiyyətin həyatında şəhərlərin əhəmiyyətinin artması, ictimai-iqtisadi inkişafla əlaqədar əhalinin şəhərlərə axını prosesi] şəhəri yaşayış üçün yararsız hala salmışdı. On üç adada yerləşən şəhərdə, demək olar, liman yox idi, sahil isə üfunət qoxuyan zibilliyə çevrilmişdi…
Heç vaxt yuyulmayan daş döşənmiş küçələri tez-tez su basırdı. Onda səki deyilən şey yox idi. İlk səki uzun illər sonra – 1890-cı ildə peyda olacaqdı. Şəhər sakinləri çirkabın içindən keçib-getmək məcburiyyətində qalırdılar. Stokholmda su kəməri, kanalizasiya da yox idi. Şəhərin vur-tut bəzi məhəllələri işıqlandırılırdı; axşam düşən kimi Stokholm qaranlığa qərq olurdu. Ona görə gecələr gəzməyə çıxmaq təhlükəli sayılırdı. Şəhər adalarda yerləşdiyindən qayıq və barjlar yeganə nəqliyyat vasitəsinə çevrilmişdi. Bununla belə, şəhər sakinləri yaşadıqları adanı nadir hallarda tərk edirdilər.
1863-cü ildə İsveçə qayıdan Alfred Stokholmu belə gördü. Onu narahat edən məsələlərdən biri nitroqliserinin saxlanması və istifadəsi zamanı təhlükəsizliyi təmin etməklə bağlı idi. Bu problem Nobeli hələ Sankt-Peterburqda olarkən narahat eləyirdi; o həll edilməsə, bütün sonrakı tədqiqatlar dayana, kapital qoyuluşu və istehsal cəhdləri isə səmərəsiz ola bilərdi.
Ata ilə oğul Heleneborqda köhnə bir ev kirayə edib orada fabrik və laboratoriya açdılar.
Heleneborqda partlayış
Alfred və Emmanuel xeyli miqdarda nitroqliserin saxlayırdılar. İlk baxışda adama elə gəlirdi ki, bütün ehtiyat tədbirləri görülüb. Lakin nəticə heç də belə olmadı. Belə ki, 1864-cü il sentyabrın 3-də Alfred Nobel mühəndis Blomla söhbət etdiyi vaxt göndərilmək üçün hazırlanmış 100 kiloqram nitroqliserin partladı. Bu hadisə haqqında yerli qəzetdə belə məlumat verilirdi: «Şəhərimizin sakinlərini bu səhər baş verən partlayış bərk qorxuya salıb. Partlayış o qədər güclü olub ki, evlərin divarları titrəməyə başlayıb, pəncərələrin şüşələri sınıb. Partlayışın mühəndis Nobelin fabrikində baş verdiyi məlum olub…
Fabrikin yerləşdiyi taxta binadan əsər-əlamət qalmayıb. Bu fəlakətin ən dəhşətlisi isə – ətrafa insan əzalarının səpələnməsidir. Cənab Nobel partlayış zamanı fabrikdə olmayıb, ancaq mühəndisin oğlunun da ölənlər arasında olduğu bildirilir…»
Xoşbəxtlikdən Alfredin özü şüşə qəlpələri və taxta qırıqlarından aldığı yüngül zədələrlə salamat qurtula bilmişdi. Amma universitetdən tətilə yenicə gəlmiş iyirmi yaşlı Emil həlak olmuşdu.
Müstəntiqlər Emmanuellə Alfredi dindirəndə onlar Emilin eksperimentdə iştirak etmədiyini söylədilər. İsrarla bildirdilər ki, əgər təhlükəsizlik tədbirlərinə riayət edilsə, nitroqliserinin heç bir təhlükəsi yoxdur. Axırda onu da əlavə etdilər ki, fabrikdəki partlayış nitroqliserinin bəşəriyyətə xoşbəxtlik gətirəcəyini bir daha təsdiqləyir!
Sözügedən hadisə Emmanueli o qədər sarsıtdı ki, iki həftə sonra onu iflic vurdu və ömrünün qalan səkkiz ilini yataqda keçirməli oldu. Ancaq yatağa düşsə də, otağından çıxmadan bir çox layihələrini sona çatdıra bildi.
1870-ci ildə meşə təsərrüfatındakı tullantılardan necə istifadə etmək haqqında düşünərkən ata Nobelin ağlına taxta kəpəyini buxar vasitəsilə yapışdırmaq gəldi. Beləcə, Emmanuel indi məişətimizdə onsuz keçinə bilmədiyimiz faneri icad elədi.
Onun bu ixtirası yeni istehsal sahəsinin meydana çıxmasına, bununla da çox sayda iş yerlərinin açılmasına, eləcə də təbii ehtiyatlardan qənaətlə istifadə olunmasına kömək etdi.
III FƏSİL
Şeffner
Fabrikdəki partlayışdan bir neçə gün sonra Amerikadan Nobelin yanına işbaz Talyaferro Preston Şeffner təşrif buyurdu. Bu adam həmin dövrün ən böyük avantüristlərindən idi.
Əvvəl Luisvilldə məhkəmə icraçısı olmuşdu, ancaq bu iş onu tezliklə bezdirdi. Bu dəfə teleqrafa maraq göstərdi. Luisvilldə ilk teleqraf şəbəkəsini yaratmaq fikrinə düşdü. Sonra yeni transatlantik teleqraf kabelinin – Şeffner artıq mövcud olan kabel xətti ilə rəqabət aparmaq istəyirdi – çəkilməsinə maliyyə vəsaiti tapmaq üçün Rusiyaya yollandı. Ancaq bu iş də baş tutmadı. Partlayıcı maddələrin texniki tərəfləri haqqında məlumatlı olduğundan özünü həmin maddələr üzrə ekspert elan etdi. Əslində isə o heç də mütəxəssis deyildi. Sadəcə, teleqrafın çəkilişi zamanı aparılan partlayış işlərində iştirak etmişdi, bundan başqa, bu mövzu ilə bağlı bir neçə kitab oxumuşdu.
Rusiyada olanda Şeffner Nobelin fabrikinə baş çəkmişdi. Ancaq Alfred onu xatırlamırdı.
Müharibə vaxtı Şeffner əvvəl İngiltərədə, sonra Fransada yaşadı. Orada Amerika tarixindən bir neçə məqalə yazdı. Həmin məqalələrdə özünü cənubluların[22 - Avraam Linkolnun (1809–1865) ABŞ prezidenti seçilməsinə (1861) etiraz olaraq ölkənin cənub ştatlarının şimaldakı ştatlara qarşı vətəndaş müharibəsinə (1861–1864) başlayan əhalisi] qızğın tərəfdarı kimi göstərdiyindən Amerika səfirliyi onu hətta cənubun agenti zənn etdi.
1864-cü ildə Şeffner o vaxt Prussiya ilə müharibə aparan Danimarkaya öz köməyini – hazırladığı minaları təklif etdi. Sonralar qürurla danışırdı ki, onun minaları on beş min prussiyalı əsgərin irəliyə doğru hərəkətinin qarşısını alıb. Danimarka müharibəni uduzsa da, Şeffner özünü minalar üzrə böyük mütəxəssis sayırdı. Danimarka-Prussiya müharibəsindən sonra Şeffner İsveç hökuməti ilə əməkdaşlıq elədi.
Şeffner Heleneborqdakı partlayışdan xəbər tutub onun miqyası ilə tanış olmaq qərarına gəldi. Orada Alfred Nobellə görüşüb nitroqliserindən istifadə haqqını Birləşmiş Ştatlara satmasını təklif etdi. Nobel 200 min dollar istədi. Aydındır ki, razılaşma baş tutmadı.
Onda bu avantürist İsveçdəki Amerika səfirliyinə Alfred Nobelin ixtirasını oğurlamaq… bəli, bəli, məhz oğurlamaq təklifi ilə müraciət etdi! Səfir Şeffnerin ləkəli reputasiyasını xatırlayıb ona kəskin şəkildə rədd cavabı verdi.
Şeffner Amerikaya qayıdıb özünü nitroqliserinin ixtiraçısı elan etdi. «Anlaşılmazlıq üzündən cənubun agenti olan» bu şəxs çox asanlıqla düşərgəsini dəyişib öz xidmətini indi də general Uliss Qranta[23 - Uliss Qrant (1822–1885) – Amerika Birləşmiş Ştatlarının 18-ci prezidenti] təklif etdi və guya özünün ixtira etdiyi nitroqliserinin sınağını keçirdi.
Sonralar isə nitroqliserin istehsal edən fabrikin sahibi oldu. O, Nobelin ixtira etdiyi partlayıcı qurğuların oxşarını buraxmağa başladı və öz «ixtira»sını Amerikada onun əsl sahibindən daha tez patentləşdirməyə çalışdı. Çox çək-çevirdən sonra mübahisə, axır ki, Nobelin xeyrinə həll olundu.
Nitroqliserinin gölün ortasında kustar üsulla istehsalı
Heleneborqdakı qəzadan sonra Nobelin fabriki fəaliyyətini dayandırdı. Hakimiyyət xüsusi qərarla nitroqliserinin istehsalını şəhər hüdudlarında qadağan etdi. Alfred üçün bu çox ağır sınaq idi. Qardaşının ölümü, atasının xəstəliyi, pulsuzluq, məhkəmə çəkişmələri – bütün bunlar, şübhəsiz ki, onu mənəvi baxımdan sındıra bilərdi. Qardaşı Robert məsləhət gördü ki, bədbəxtlikdən başqa heç nə gətirməyən bu lənətə gəlmiş ixtiraçı peşəsini atsın. Ancaq Alfred ailə biznesinin yarımçıq qalmasını istəmirdi.
Bu həmin vaxt idi ki, İsveç tədricən böhrandan çıxmağa başlamışdı. Dəmiryolları çəkilirdi, ancaq qayaların arasından yol salmaq üçün effektli vasitələr yox idi. Olanlar isə kifayət etmirdi. Zaman Alfred Nobelin ailə biznesini yarımçıq qoymamaqla düzgün qərar verdiyini göstərdi.
O, 1865-ci ilin oktyabrında Heleneborqdakı dəhşətli partlayışdan bir il sonra hamının qarşısında nitroqliserinin növbəti sınaqlarını həyata keçirdi. Nəhayət, Dəmiryolu Nəqliyyatı üzrə Dövlət Komitəsini nitroqliserinin əhəmiyyətinə inandıra bildi. Nitroqliserin partlayış işlərinin aparılmasında effektli vasitə hesab edildi.
İndi nitroqliserinin istehsalına başlamaq olardı və onu çox böyük miqdarda istehsal etmək lazım idi. Hamı tərəfindən nitroqliserinə olan inamsızlıq gələcək fabrik üçün yer tapmaqda Nobelə mane olurdu. Axır ki, Stokholmun əhalisi sıx olan rayonlarından uzaqda, Melaren gölünün ortasında – barjda laboratoriya qura bildi. Amma barj laboratoriya üçün yaramırdı. Daim yırğalanma, havanın kəskin dəyişməsi, temperatur fərqi, suyun səviyyəsinin dəyişməsi işə mane olur, həm də təhlükəni artırırdı.
Hər cür çətin şəraitdə işləməyə vərdiş etmiş otuzyaşlı Alfred bundan da pis vəziyyətlərlə rastlaşmışdı. Ancaq belə çox davam eləyə bilməzdi; işin bu şəraitdə aparılması get-gedə təhlükəli xarakter alırdı. Qliserinin təmizliyindən heç də az vacib olmayan rütubət, temperatur, atmosfer təzyiqi kimi amillər onun üçün naməlum olaraq qalırdı və bu səbəbdən də onlara nəzarət etməsi mümkün deyildi.
Belə bir vaxtda o, xalalarından birinin vasitəçiliyi ilə milyarder maliyyəçi Yohan Vilhelm Smitlə (1821–1904) tanış oldu.
Vinterviken
Smit dünyanı gəzib qəfildən Amerikada var-dövlət sahibi olan Stokholmlu tacir idi. O, Nobelə diqqətlə qulaq asıb dərhal anladı ki, son dərəcə istedadlı olmasına baxmayaraq bu adam öz işini axıra çatdıra bilməyib; Nobeldə nitroqliserinin hətta dəqiq formulu da yox idi.
Maddi çətinliklər zavodun tikintisi üçün fəhlə tutmağa imkan vermirdi. Bundan başqa, nitroqliserin istehsalının zavodda dəqiq, effektli metodunu tapmaq üçün Nobel hələ çox iş görməli idi.
Smit isə bu işə, ümumiyyətlə, həvəs göstərmirdi, Heleneborqdakı partlayış da Nobelin təklifinə onda inamsızlıq yaradırdı. Onu necəsə inandırmaq lazım idi, bunu isə kommersiya işinin incəliklərinə bələd olan, nitroqliserinin istehsalı ilə gələcəkdə nələrə nail olmağın mümkünlüyünü yaxşı anlayan Alfred Nobel edə bilərdi. Dəmiryolu Nəqliyyatı üzrə Dövlət Komitəsinin yeni partlayıcı maddəni təsdiqləməsi bu mənada lap yerinə düşdü.
Necə deyərlər, mümkünsüz görünən iş mümkünə çevrildi: Nobelin xoşagəlməz reputasiyasına, şəhər sakinlərinin bəzən nifrətə çevrilən mənfi münasibətinə, hətta nitroqliserin istehsalı ilə bağlı bütün real təhlükələrə baxmayaraq Smit və bir neçə sərmayəçi Alfred Nobellə birləşib «Nitroqliserin AB» müəssisəsini yaratdılar. Bu, dünyada nitroqliserin istehsalı ilə məşğul olan ilk sənaye şirkəti idi. Smit həm də zavod tikintisinin icazəsinə nail ola bildi. Bundan ötrü Vintervikendə əl-ayaqdan uzaq bir yerdə boş sahə də tapmışdı.
Alfred Nobel zavodun eyni zamanda direktoru, mühəndisi, katibi, reklam müvəkkili, tədqiqatçısı, hətta anbar müdiri idi. Ona uşaqlıq dostu Alarik Lidbek (1834–1913) kömək edirdi. Onlar zavodu birlikdə tikib avadanlıqla təchiz etdilər. Bu hələ əməkdaşlığın başlanğıcı idi, nəticədə sonradan az qala bütün dünyaya səpələnən müəssisələr yarandı. Sankt-Peterburqdan təzəcə qayıtmış qardaşı Robert də Vintervikendə bir müddət ona kömək etdi.
Patentlər, istehsalatın genişləndirilməsi, partlayışlar
Nitroqliserinin istehsalına 1865-ci ildə başlanıldı. Stokholm sakinləri müəssisənin işə düşməsindən narazı idilər. Nobel mənəvi dəstək almaq üçün gələcəkdə kral olacaq şahzadə Oskarı keçirdiyi sınağa dəvət etdi.
Sınaq üçün Stokholm yaxınlığında bir qaya seçilmişdi. Nobel qayada dörd metr dərinliyində deşik açıb ora nitroqliserin yerləşdirdi.
Partlayış çox effektli alındı. O dövrün nüfuzlu qəzetlərindən biri yazırdı: «Qaya sanki göyə uçdu, sonra çoxsaylı qəlpələr, daşlar şəklində yerə səpələndi».
Sınağın nəticəsi göz qabağında idi. Ancaq Alfred yaxşı başa düşürdü ki, Stokholm əhalisinin təkidi ilə hökumət bugün-sabah müəssisəni bağlaya bilər. Bundan başqa, nitroqliserini qadağan edən qərar hazırlanırdı. Ağır zəhmət bahasına başladıqları işi davam etdirmək üçün təcili dünya bazarına çıxmaq lazım idi.
Ancaq hələ başqa bir təhlükə də qalırdı: rəqiblərdən kimsə nitroqliserinin qeyri-qanuni istehsalına başlayıb satışını təşkil eləyə bilərdi. Bunu nəzərə alan Alfred Sobreronun ixtirasını patentləşdirdi. İndi hətta Sobreronun özü də nitroqliserini nə istehsal eləyə, nə də sata bilərdi.
Nobel hesab edirdi ki, istehsalat imkan daxilində yeni maddənin istifadə olunacağı yerin yaxınlığında təşkil olunmalıdır. O, zavoddakı işlərini qardaşı Robert və Alarik Lidbekə tapşırıb Hamburqa yola düşdü. Orada mina üzrə bəzi mütəxəssislərlə görüşüb İsveçdən kənarda nitroqliserin istehsalı üzrə ilk şirkətini – «Alfred Nobel və Ko»-nı yaratdı. Yeni zavod Elba sahilində – yaxınlıqda yaşayış evlərinin olmadığı Krümmel vadisində yerləşirdi. Yerli sakinlərin tələbi ilə zavodun ətrafına hündürlüyü 6 metr, qalınlığı isə 4 metr olan hasar çəkildi.
Hamburqun cənubunda da bir zavod tikildi. Hamburq o vaxt Avropanın ixrac və idxal üzrə böyük mərkəzlərindən biri idi. Nitroqliserini buradan müxtəlif nəqliyyat vasitələri ilə Almaniya, Avstriya, Belçika, İngiltərə, Birləşmiş Ştatlar, Braziliya və hətta Avstraliyaya daşıyırdılar.
1863-cü ildə Alfred İngiltərədə patent aldı. Həmin vaxt Britaniya hökuməti nitroqliserinə münasibətdə bir müddət tərəddüd etmişdi; Uels şaxtalarında hələ də top barıtından istifadə olunurdu.
Nitroqliserinin tez yayılması üçün Nobel Avropa və Amerikaya səyahət etdi. Bu da öz faydasını verdi: yeni partlayıcıdan Uels şaxtalarında da istifadə edilməyə başlandı.
Ancaq tezliklə imzalanmış xüsusi dekretə əsasən nitroqliserinin istifadəsi Böyük Britaniya ərazisində məhdudlaşdırıldı. Ona qoyulan vergilər artırıldı, bu da bazar qiymətlərinin artmasına səbəb oldu. İndi nitroqliserinin qiyməti barıtdan on dəfə baha idi.
Bir neçə dəhşətli partlayışa baxmayaraq nitroqliserin Amerikada geniş istifadə olunurdu. Nyu-York maliyyəçiləri ona həvəslə pul yatırırdılar, San-Fransiskoda isə qızıl çıxarılmasının qızğın dövrü idi. Amerikanın əsas satış bazarlarından biri ola biləcəyini anlayan Alfred Nobel ora yollandı.
Onun gəlişinə az qalmış, 1866-cı il aprelin 15-də San-Fransisko anbarında insan tələfatına səbəb olan dəhşətli partlayış baş verdi. Alfred məhz belə bir arzuedilməz vaxtda Amerikaya gəldi. Çünki həmin partlayış onun bütün planlarının üstündən xətt çəkə bilərdi. Lakin Nobel ruhdan düşmədi və həmişəki qızğınlıqla öz həmsöhbətlərini nitroqliserinlə bağlı mənfi fikirlərdən daşındırmağa çalışdı.
San-Fransisko partlayışından bir ay sonra «Tayms» qəzetindən bir parçanı nəzərinizə çatdıraq: «Professor Nobelin görkəmli alimlərlə görüşünə dəvəti qorxa-qorxa qəbul etdik, çünki görüşdə ictimaiyyət nümayəndələrini «nitroqliserin» adlandırılan fövqəladə maddə ilə tanış etmək nəzərdə tutulurdu…
O, butulkanı açıb mayeni daşın üstünə tökdü. Kibrit çöpünü yandırıb ona yaxınlaşdırdı, ancaq partlayış baş vermədi. Maye qatran kimi yanırdı. Sonra növbəti sınağı nümayiş etdirməyə başladı: nitroqliserinin zərbədən partlamadığını göstərmək istəyirdi. Nobel bu maddə ilə dolu yeşiyi öz əlləri ilə qayadan atdı…
İxtiraçının sözlərinə görə, bu yaxınlarda San-Fransiskoda baş verən partlayış səhlənkarlıq üzündən olub: butulkadan süzülən nitroqliserinin hopduğu taxta kəpəyi hansısa qığılcım nəticəsində təsadüfən alışıb. Alim bunu sübut etmək üçün taxta kəpəyi ilə dolu yeşiyin üstünə yanan fitil atdı. Bir az sonra taxta kəpəyi alışdı və partlayış baş verdi…»
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/orlando-de-rudder/alfred-nobel-68289271/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Dok – limanlarda gəmilərə baxış keçirilməsi və onların təmirə dayanması üçün xüsusi yer, qurğu
2
Prussiya – 1701–1918-ci illərdə Mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət
3
İnsanlara geniş hüquq və azadlıqlar verilməsi
4
Barokko – XVI–XVIII əsrlərdə Avropada yayılmış çox təmtəraqlı incəsənət (memarlıq) üslubu
5
Nikolay Zinin (1812–1880) – Peterburq Elmlər Akademiyasının akademiki; Rus Kimya Cəmiyyətinin ilk prezidenti
6
Persi Biş Şelli (1792–1822) – ingilis şairi, romantizm cərəyanın ən böyük nümayəndələrindən biri
7
1871-ci ildə Prussiya krallığının rəhbərliyi altında Avstriya və İsveçrə istisna olmaqla almandilli ərazilərin vahid dövlətdə birləşdirilməsi – Almaniya imperiyasının yaradılması nəzərdə tutulur.
8
Nitroqliserin – partlayıcı təsirə malik olan maddə
9
Eleter İren Düpon de Nemur (1771–1834) – kimyaçı və sənayeçi; DuPont-un yaradıcısı və ilk prezidenti
10
Melanxoliya – ruh düşkünlüyü, bədbinlik, fikirçəkmə, depressiya və qəmginlik halı; məyusluq, bəd şeylər haqqında düşünmə və bundan əzab çəkmə
11
Teofil-Jül Peluz (1807–1867) – fransız kimyaçısı
12
Yustus fon Libix (1803–1873) – alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezidenti
13
Fridrix Şönbayn (1799–1868) – ozonu kəşf edən alman kimyaçısı
14
Barometr – atmosfer təzyiqini ölçmək üçün cihaz
15
Manometr – qapalı mühitdə mayenin və ya qazın təzyiqini ölçən cihaz
16
İkinci imperiya – Fransada dövlət çevrilişi nəticəsində hakimiyyətə gələrək İkinci respublikanı ləğv etmiş imperator III Napoleonun hakimiyyəti dövrü (1852-ci il 2 dekabr – 1870-ci il 4 sentyabr)
17
Ceyms Maksvell (1831–1879) – ingilis fiziki, riyaziyyatçısı və mexaniki
18
I İnternasional – işçi sinfin 1864-cü ilin 28 sentyabrında təsis edilən ilk kütləvi beynəlxalq təşkilatı
19
Yeni dünya – Amerikanın avropalılar tərəfindən kəşfindən sonra (XV əsr) Yer səthinin Şimali və Cənubi Amerikanı əhatə edən hissəsinə verilmiş tarixi ad
20
Köhnə dünya – Yer səthinin Amerikanın kəşfindən qabaq (XV əsr) avropalılara məlum olan hissəsinə verilmiş tarixi ad
21
Urbanizasiya – cəmiyyətin həyatında şəhərlərin əhəmiyyətinin artması, ictimai-iqtisadi inkişafla əlaqədar əhalinin şəhərlərə axını prosesi
22
Avraam Linkolnun (1809–1865) ABŞ prezidenti seçilməsinə (1861) etiraz olaraq ölkənin cənub ştatlarının şimaldakı ştatlara qarşı vətəndaş müharibəsinə (1861–1864) başlayan əhalisi
23
Uliss Qrant (1822–1885) – Amerika Birləşmiş Ştatlarının 18-ci prezidenti