Çingiz xan
Mişel Yoanq
Tarixi yaradanlar
Bu kitab öz xarakterində mərhəmətlə qəddarlığı birləşdirən və bu səbəbdən barəsində xeyli təzadlı fikirlər dolaşan Çingiz xanla bağlı bütün suallara aydın cavab verir.
Mişel Yoanq
Çingiz xan
At belində dünyanı fəth etmək çox asandır. Çətin olan atdan enib dünyanı idarə etməkdir.
Çingiz xan
I FƏSİL
Cənazəni basdırmağa aparanlar yolda qarşılarına kim çıxsa, öldürürdülər ki, «get o dünyada öz hökmdarına xidmət elə!»
Onlar belə düşünürdülər… Hökmdarları öləndə onun ən yaxşı atlarını da öldürüb yanında basdırırdılar ki, o dünyada miniyi olsun. Adətləri belədir…
Marko Polo
Matəm alayı
Salnaməçilər təsdiq edir ki, böyük xan – Çingiz ov zamanı atdan yıxılır. Elə o yıxılan bir daha ayağa dura bilmir. 1247-ci ildə indiki Monqolustandan qayıdan italiyalı rahib, Monqol imperiyası torpaqlarına səyahət edən ilk avropalı kimi tarixə düşən Covanni Plano Karpini (1182–1252) Roma papası IV İnnokentiyə xəbər çatdırır ki, ulu xaqanı ildırım vurub. Bəziləri isə kənizlərindən birinin ona zəhər içirdiyini söyləyirdilər.
Bir sözlə, xanın ölümünün əsl səbəbi barədə indiyədək müxtəlif versiyalar mövcuddur; biz isə məhz ilk varianta üstünlük verəcəyik.
Ömrünün son aylarında ölümün yaxınlaşdığını duyan Çingiz xan – Temuçin ən etibarlı sərkərdələrini və ilk qadınından olan iki oğlunu yanına çağırır. Məqsədi axırıncı göstərişlərini vermək, vəsiyyətini çatdırmaq idi.
O zaman ulu xaqanın altmış beş yaşı vardı, hərçənd bəzi qaynaqlara görə, böyük xan daha yaşlı idi: 70-i haqlamış, saçı-saqqalı çoxdan ağarmışdı…
Böyük xan ölüm yatağında var gücünü toplayır, di gəl, yenə qalxa bilmir. Qədim bir atalar sözündə deyildiyi kimi: «Monqol ki öz atından ayrı düşdü, ölməkdən başqa nə çarəsi var?»
Göylərin hökmü ilə dünyanı fəth etmiş Çingiz xanı ölüm yavaş-yavaş aparırdı. Bu həmin vaxtlar idi ki, onun qurduğu imperatorluq artıq bütün yer üzünü sarmışdı. Salnaməçilər də təsdiqləyirlər ki, «bu böyük ərazinin bir başından digər başına qədər birillik yol vardı».
Çingiz xan ölüm yatağında öncə öz nəhəng imperiyasını oğulları arasında böldü, sonra isə gələcək istila planlarını dəqiqliklə açıqladı. Salnaməçilər yazır ki, xan həmin vaxt yanında olan oğullarına və nəvələrinin hərəsinə bir ox verilməsini əmr edir. «Onu sındırın» – deyəndə hamısı əllərindəki oxu çox asanlıqla sındırır. Sonra xan oxları bir yerə dəstələyib dillənir: «İndi sındırın».
Heç kim bu bir qom oxu sındıra bilmir. Onda Çingiz xan öz törəmələrinə belə bir nəsihət verir: «Bu ox qoması kimi həmişə birgə olun ki, sizi heç vaxt təkləyib sındıra bilməsinlər».
…Ağı mərasimi bir neçə gün çəkdi. Sonra əsilzadələr, tayfa başçıları Çingiz xanın ilk qadını ağbirçək Börtənin yanına gələrək adət-ənənəyə uyğun şəkildə ona hörmət və ehtiramlarını bildirdilər. Bütün tayfa başçıları paytaxt Qaraqoruma gələnə qədər xeyli vaxt keçdi.
Nəhayət, şamanlar[1 - Şaman – ruhlara, magiyaya inanan xalqlarda (əsasən, şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər] mərhum xanı dəfn olunacağı dağa qaldırmaq üçün uyğun zamanın yetişdiyini söylədilər. Çingiz xanın cansız bədəninə qiymətli ipəkdən tikilmiş təmtəraqlı paltar geyindirdilər və onu tabuta qoydular. İç-içə keçirilmiş beş tabutdan ibarət olan xan sənduqəsini[2 - Sənduqə – məzarın üzərindəki sinədaşı] bayraqlarla bəzədilmiş arabaya yerləşdirdilər, sonra isə onu göz yaşları içində son mənzilə yola saldılar.
Ənənəyə uyğun olaraq Temuçin dağları duman bürüyən vaxt nəhəng bir ağacın dibində dəfn olundu.
II FƏSİL
«Mən Tanrının cəzasıyam. Əgər heç bir günahınız olmasaydı, Tanrı sizi cəzalandırmağım üçün məni göndərməzdi»
Çingiz xan
Bozqırlar[3 - Bozqır – Avrasiya materikinin arid kontinental iqlim zonasında susuz, ot bitkilərindən ibarət meşəsiz ərazi] oğlu
«Çingiz xanın əcdadı uca Tanrının (Səmanın) iradəsi ilə doğulmuş Börtə-Çino (Bozqurd) idi. Onun qadını Ko’ay-Maral (mənası: açıq-şabalıdı rəngdə olan Maral) idi. Onlar Onon çayının mənbəyində – Burxan-Xaldun dağında binə[4 - Binə – əsasən, maldarlıqla məşğul olan əhalinin məskən saldığı yer] saldılar. Bu vaxt onların bir oğlu oldu – Bataki xan. Bataki xandan Tamaka, Tamaka xandan Korikar-merqan adında oğullar dünyaya gəldi…»
Monqol imperiyasını quran çingizilər və onların soy-kökündən bəhs edən «Monqolların gizli tarixi» adlı epik salnamə bu sözlərlə başlayır.
Bozqırlarda yaşayan sadə camaatın inancına görə, Çingiz xana qədər monqol əsilzadələrinin ulu babaları qurd və maraldan törəmişdilər.
Gələcəyin Çingiz xanı üstü keçə örtülü kasıb bir binədə – alaçıqda anadan olmuşdu. Monqol salnaməsində deyilir ki, körpə dünyaya gələndə barmaqlarını yumub sıxdığı sağ ovcunda qan laxtası vardı. Türk-monqol inanclarına görə, bu, gələcəkdə uşağın döyüş meydanlarında şöhrət qazanacağına bir işarə idi. Atası Yesugey oğluna onun anadan olmasına az qalmış məğlub elədiyi bir tatar döyüşçüsünün adını verir: Temuçin.
Əlbəttə, onun bu qərarı çoxunuza qəribə görünə bilər. Amma bozqır döyüşçülərinin inancına görə, yenilmiş düşmən öz enerjisini qalibə ötürməklə onun gücünə güc qatırdı.
«Temuçin» sözünün mənşəyi kimi türk-monqol kökənli «dəmir» (temur–dəmir) sözünü götürmək və onu «dəmirçi» kimi tərcümə etmək olar…
Körpənin atası kiyat adlı qəbilənin bir qolu olan Börçigin tirəsinin[5 - Tirə – nəsil, tayfa] tayfa başçısı idi. O, dəfələrlə qonşu tayfalara qarşı döyüşlərdə iştirak etmişdi. Belə döyüşlərin birində «Bahadır» (yəni igid, cəsur) ləqəbini qazanmışdı. Sıradan bir boy başçısı olan Yesugey bahadır özünü kerait tayfasının hakimi elan etmiş Toğrul adlı birisi ilə ittifaqa girdi. Hərbi ittifaqlarını daha da gücləndirmək üçün Toğrul Yesugey bahadırla anda (qan qardaşı) oldu. O vaxt köçərilərdə belə bir adət vardı: daha yaxından dost olmaq istəyən iki kişi damarlarını çərtib qatıq dolu bir cama bir neçə damcı qan damızdırar, sonra da qarışdırıb yarı-yarıya içərdilər. Bununla da onlar qan qardaşı olardılar. Bu qan qardaşlığı sonralar Temuçinin taleyində əhəmiyyətli rol oynadı.
«Monqolların gizli tarixi»ndə (bundan sonra «Gizli tarix» adlandıracağıq) yer alan bir versiyaya görə, Yesugey öz gələcək həyat yoldaşıyla olduqca qeyri-adi bir şəraitdə rastlaşır: ov ovladığı əsnada merkit tayfasından bir atlının öz yurduna arabada gənc bir qadın apardığını görür. Yesugey qadını görən kimi qəlbi yerindən oynayır. Bu sanki ona Tanrının göndərdiyi bəxşiş idi. Dərhal ovu unudub atını öz binələrinə doğru çapır. Qardaşları Nukana-Tayşi və Daritayı yanına alıb bozqırda gördüyü gənclərin dalınca düşür. Gənclər bu qovalamacanın məqsədini çox tez başa düşürlər. Gənc qadın artıq hər şeyin gec olduğunu anladığından adaxlısını dilə tutur ki, aradan çıxsın. Oğlan da başqa çarəsinin qalmadığını görüb boz təpələrin arxasında qeyb olur. Yesugeylə yanındakılar heç bir çətinlik çəkmədən arabanı saxlayıb gözəl Oelunu əsir götürürlər… Bir müddət sonra isə həmin qəşəng qız Yesugey bahadırın qadını olur. Oelun axıradək Yesugeyin ən sədaqətli və sevimli xanımı olaraq qalır. Temuçindən başqa ona üç oğul bəxş edir: Cuçi-Kazar (Aslan), Kaçu-na və Temuge. Bir də, bir qız – Temulun. Yesugeyin o biri arvadından da iki oğlu olur – Bekter və Belgutey.
Bəs Yesugeyin bu qədər oğul-uşağı necə dolanırdı? Açığı, ailənin azuqə ehtiyatı o qədər də çox deyildi. Dolanışığın başlıca qaynağı olan maldarlıq bütün ailə üzvlərinin durmadan çalışmasını tələb edirdi. Uşaqlar körpə vaxtından mal-qoyun otarır, ormanlardan giləmeyvə toplayırdılar.
Temuçin güc və cəldlik tələb edən məşqlərdə olduqca qüvvətli və diribaş idi. Xüsusən də köçərilərin xüsusi əhəmiyyət verdiyi at çapmaqda! On yaşına çatanda atası onu nişanlamaq qərarına gəldi. Yesugey bununla həm də üzdə olan bir ailə və ya tayfa ilə qohum olmaq məqsədi güdürdü.
Monqolların öz tayfasından olanla evlənməsi yasaq idi. Ailə həyatı quranların dədə-babaları arasında heç bir qohumluq əlaqəsi olmamalı idi. Odur ki Yesugey oğlunu da yanına alıb yaxın adamlarının, bəlkə də, öz halal arvadının nişan verdiyi qonşu obalara axtarışa çıxır. Salnamədə deyildiyi kimi, yolu Oelunun mənsub olduğu onqxır tayfasına düşür. Tayfa başçısı Dey Setçenə (Müdrik Dey) gəlişinin məqsədini açıqlayaraq deyir ki, böyük oğluma qız axtarıram. İstisna edilmir ki, Yesugeyin həmin bəy barədə əvvəlcədən məlumatı varmış, yəni bura təsadüfi gəlməyibmiş.
Müdrik Dey Yesugeyi mehribanlıqla qarşılayır, Temuçinə nəzər salıb deyir: «Sənin oğlunun gözündə od, üzündə nur var». Sonra gecə gördüyü yuxunu danışır: «Gördüm eyni vaxtda Ayı və Günəşi qanadlarında saxlayan ağ bir şahin gəlib biləyimə qondu. Bu yuxu bizim elə bu xoş görüşümüzmüş, ağ şahin isə ancaq Temuçin ola bilər». Daha sonra Müdrik Dey qonağa öz qızını təqdim etməyi qərara alır: «Onun da on yaşı var, adı isə Börtədir».
Ertəsi gün Yesugey el adətincə Börtəyə elçi gəlir. Uzaqgörən Müdrik Dey şərt kəsir: «Razıyam, – deyir, – amma istərdim ki, Temuçin bir müddət mənim düşərgəmdə qalsın». Şübhəsiz, bununla o, gələcək kürəkəninin bacarıqlarını yoxlamaq istəyirdi. Yesugey razılaşır, ancaq bir məsləhət verir: «Oğlum itdən qorxur, onu nə özün itlə qorxut, nə də başqasına qorxutmağa imkan ver».
Beləcə, istəyinə çatan – oğlunu adaxlayan Yesugey öz yurduna dönmək üçün yola çıxır.
Bu zaman o, qarşılaşacağı faciəli ölümdən hələ xəbərsiz idi…
III FƏSİL
Onlar inəkləri sağmalı, sürüləri otarmalı, ən əsası isə bir yerdən başqa yerə sürməli idilər. Bir neçə həftə, bəzən də bir neçə gün ərzində obanın dörd bir tərəfində otlar quruyur, bu zaman başqa bir yerə köçmək lazım gəlirdi. Çadırları sökmək, yağ, qatıq və qımız düzəltmək, atlara, dəvələrə qulluq eləmək – bunlar bütün tayfalar üçün köçdən əvvəl xüsusi hazırlıq tələb edən adi məşğuliyyət idi.
Kapitan Mayn Rid «Yad xalqlar»
Yetim Temuçin
Yesugey doğma yurduna qayıdarkən Xirake’er (Sarı düz) deyilən yerin yanından keçməli idi. Burada, adətən, monqol və onqxır tayfalarının köçü düşürdü. Amma bu dəfə o, bir tatar obasına rast gəlir.
Yesugey sıçrayıb atdan düşdü. Tatarlar qonağı mehriban qarşıladılar, ona şərbət ikram etdilər. Lakin sonra məlum olacaqdı ki, onlar şərbətin içinə təsir müddəti uzun sürən ağu qatıblarmış. Bunun səbəbi nə idi: şəxsi qisas, yoxsa tayfalararası düşmənçilik? Məlum deyil. Bütün hallarda bircə o bəllidir ki, tatarların Yesugeylə hansısa haqq-hesabı olub və onu tanıdıqdan sonra belə bir sui-qəsdə qərar veriblər. Yesugey isə, görünür, köhnə düşmənlərini tanımayıbmış…
Tatarlardan ayrıldıqdan bir müddət sonra onun halı pisləşir. Onqxırların obasına çatanadək Yesugey yəhərin üstündə özünü güclə saxlayaraq düz üç gün yol gəlir. Onu atdan düşürüb ən yaxındakı çadırların birinə aparır, yatağa uzadırlar. Yesugey artıq ölümün yaxınlaşdığını hiss edir. Munlik adlı gənc bir oğlan can üstə olan bahadıra tərəf əyilir. Yesugey oğlanın qulağına bunları deməyə macal tapır: «İçim yanır… Gözün körpələrimin üstündə olsun. Bir də, dul qalacaq xanımımdan muğayat ol. Oğlum Temuçini də gətirərsən…» Belə deyib canını tapşırır. Belə çıxır ki, Munlik Temuçindən bir az böyük olduğuna görə oğlunu evə gətirməyi ona vəsiyyət edir. O da dərhal Yesugeyin son vəsiyyətini yerinə yetirib balaca Temuçini götürmək üçün Müdrik Deyin obasına yollanır.
Munlik Yesugeyin ölümünü gizlədir. Dey Setçenə uşağın öz atası üçün çox darıxdığı barədə xəbər aldıqlarını, odur ki onu aparmağa gəldiyini söyləyir. Bu, ağıllı fikir idi, əks halda Temuçin yetim qaldığı üçün Dey Setçenin yanında yarınökər vəziyyətinə düşəcəkdi. Müdrik Dey gələcək kürəkənini aparması üçün Munlikə icazə verir.
Ağır günlər
On yaşında yetim qalan Temuçin çoxuşaqlı ailənin böyük oğlu kimi çətin, məhrumiyyətlərlə dolu günlər yaşamalı oldu. «Ailə başçısı» vəzifəsi onun yeganə dayağı olan anası Oelunun boynuna düşdü. Ərinin ölümündən sonra tayfadaxili ixtilafların güclənməsi Oelunun təklənməsinə gətirib çıxardı. Sonda isə Yesugeyin ailəsini sürgün etmək qərarı verildi.
Oelun tayfa daxilindəki düşmənlərinə qarşı mərdliklə müqavimət göstərirdi. Ancaq qohumlarının hamısı ondan üz çevirdiyindən o, çətin vəziyyətdə qalmışdı. Qısa bir zamanda Yesugey ailəsini saya salmaq istəməyən tayciut xanı Ambakayın iki dul arvadı ilə gənc xanım arasında qalmaqal çıxdı. Dul qadınlar Yesugeyin xanımını ölülərin ruhuna yemək-içmək ikram edildiyi dini mərasimə dəvət etmədilər. Bu həmin vaxt həqarət sayılırdı, üstəlik, gənc qadını tayfanın dini mərasimlərindən tamamilə uzaqlaşdırmaq və düşmən hesab etmək anlamına gəlirdi. Belə olan halda Oelunun özü mərasimə qatıldı və ona qarşı təhqiramiz münasibəti açıq-aşkar qınadı. Qalmaqal böyüdü. Qarşılıqlı təhqirlərə keçdilər. Bütün tayciut tirəsi Oeluna qarşı çıxdı. Axırda Oelun və onun ailəsinə bəyan elədilər ki: «İstəsək, analı-oğullu hamınızı quru yurdda qoyub sürülərimizi yaylaqlara sürər, heç birinizi özümüzlə götürmərik!»
Elə bununla da biryolluq araları dəydi: tayciut tirəsindən olanlar başladılar alaçıqlardan əşyalarını yığışdırmağa. Barxanalarını bağlayıb ata-ulağa yüklədilər. Qadın və uşaqları arabalara mindirib ata süvar olan kişilər keçmiş başçılarının ailəsini təkbaşına qoyaraq sürüləri qabaqlarına qatıb binələrindən çıxdılar. Təkcə gənc Munlikin atası olan qoca Çaraka buna qarşı çıxıb hay-küy saldı. Atlıların dalınca qaçaraq onları yoldan saxlamaq istədi. Ancaq heç kimin onu saya salmadığını görüncə dərdini bu sözlərlə dilə gətirdi: «Dərin quyu qurudu, parlaq daş-qaş heç oldu». Bu vaxt qocanın kürəyinə namərdcəsinə kiminsə süngüsü saplandı. Çaraka Oelunun çadırına qədər birtəhər süründü, son kərə dilindən Yesugey bahadırın adı çıxdı. Sanki bununla o, Yesugeyin ölümündən sonra tayfaya düşən ixtilafa üsyan edirdi.
Temuçin bütün bu baş verənlərdən keçirdiyi dərin sarsıntı içində alaçıqdan çıxıb çöllüyə qaçdı. O, tək qalmaq istəyirdi, bu istəyi isə gələcək çətinliklərlə necə mübarizə aparacağını düşünmək ehtiyacından doğurdu. «Gizli tarix»də bu, Çingiz xanın birinci əsas xarakterik xüsusiyyəti kimi qeyd olunur.
Yaxınları tərəfindən tərk edilən və bir çətən külfətlə quru yurdda qalan Oelunun həmin ağır günlərdə nələr çəkdiyini təsəvvür etmək çox da çətin deyil. Bununla belə, Oelun üzləşdiyi məhrumiyyətlər qarşısında sınmadı: o özünə sadiq olan təbəələri bir yerə yığaraq düşmənlərinə qarşı savaş bayrağı qaldıra biləcək qədər cəsarətli qadın idi!
Sərgərdanlıq illəri
Boqtağını (qadın fəsi) gözünün üstünə basıb Onon çayının axarı boyu aşağı-yuxarı gəzə-gəzə giləmeyvə toplayan Oelun, beləcə, uşaqlarının qarnını az da olsa, doyura biləcəyinə ümid edirdi…
Çingiz xanın dövründə türk-monqol tayfaları iki əsas tirədən ibarət idi. Bunlardan biri ovçular və meyvəyığanlar tirəsi idi. Onlar Baykal gölünün meşəlik ərazilərindən böyük Balxaş gölünə qədər olan geniş sahəyə yayılmışdılar. Digəri isə köçəri çobanlar tirəsi idi ki, onlar da dağlıq Altaya doğru 1500 km məsafədə uzanan ucsuz-bucaqsız çöllərdə sürülərini otarmaqla məşğul idilər.
Ovçular öz ərazilərini nadir hallarda tərk edirdilər. Çünki həmin ərazilər onlar üçün əsas qida mənbəyi idi. Onlar dolanışıqlarını ovçuluqla təmin edir, eyni zamanda ovladıqları heyvanların dərisindən paltar tikir, sümüklərindən, buynuzlarından müxtəlif məişət əşyaları hazırlayırdılar. Ovçular kiçik qruplar şəklində ağac daxmalarda, ya da yer damlarında yaşayırdılar. Qışda hərəkət edə bilmək üçün sürçəklərdən (ayaq xizəyi) yararlanan bu tirənin mənsubları iribuynuzlu heyvanların müxtəlif növlərini (yak[6 - Yak – Tibetdə yetişdirilən, iri buynuzları və uzun tükləri olan, gövşəyən iri heyvan], inək, maral) əhliləşdirə bilmişdilər. Həmin heyvanların ətindən və südündən geniş istifadə olunurdu. Yaxınlıqda axar çay vardısa, tor və ya harpunla balıq tuturdular.
Yeri gəlmişkən, monqolların həyat tərzi bizə «nomad» sözünün ilkin mənasını xatırladır. «Nomad» – yunanca «nomas» sözündən törəyib «köçəri», «çoban» deməkdir.
…Temuçin və qardaşları, əsasən, güc, qüvvə yox, zirəklik, diribaşlıq tələb edən işlərlə məşğul idilər: onlar bütün günü giləmeyvə toplayır, qarmaq və ya tor vasitəsilə balıq tuturdular. Onların qarınlarını doyuracaq qədər qida toplaya bilməsi özlərinin məharətindən asılı idi. Bundan başqa, Yesugeyin dul qalmış cavan arvadının balaca bir mal-davar sürüsü vardı: yüz başa yaxın qoyun-keçi, at ilxısı və arabaya qoşmaq üçün öküzləri… Oelunun ətrafı isə hələ də böyük deyildi: bura yaxın qohumlarının az bir hissəsi, hələ də Yesugeyin ruhuna sədaqət nümayiş etdirən dostları, bir də, xidmətçilər daxil idi. Onlar əl-ələ verib sağ qalmaq uğrunda amansız mübarizə aparırdılar. Aralarında aydın iş bölgüsü vardı: arabaları, bir qayda olaraq, qadınlar idarə eləyirdilər, bir yerdən başqa bir yerə köçərkən çadırların dirəklərini, keçə örtüklərini də qadınlar sökür, onları arabalara da qadınlar yükləyir və ya boşaldırdılar. İnəkləri sağmaq, yağ tutmaq, qurut (qurudulmuş süzmə) hazırlamaq, gön-dəri aşılamaq və onlardan pal-paltar tikmək – bunlar da ev xanımlarının işləri sayılırdı. Kişilər isə ox-yay, yəhər-yüyən, araba hazırlayır, atları, dəvələri otarır, madyanları sağıb südündən qımız, eləcə də qımızı saxlamaq üçün tuluq düzəldirdilər.
Temuçin isə öz qardaşları ilə (eləcə də nökər-naibləriylə!) yuxarıda da dediyimiz kimi, gündəlik işlərlə məşğul olurdu. O, boş vaxt tapan kimi ulu əcdadlarının hələ üç min il öncə əhliləşdirdiyi atları minib çapmağı öyrənir, mahir miniciliyinə görə həmişə yaşıdlarından fərqlənirdi.
Yeri gəlmişkən, köçərini öz atından ayrı təsəvvür etmək mümkün deyil; ondan ötrü at – hərəkətin, yeyinliyin və azadlığın rəmzi, simvoludur…
Mərkəzi Asiya bozqırlarında
Temuçinin günləri giləmeyvə toplamaq və ya tayqanın cəngəlliklərində ov ovlamaqla bərabər, mal-qara otarmaq və heyvanları enəməklə[7 - Enəmək – burada sahibinin öz heyvanını tanıması üçün onun qulağını müxtəlif formada kəsib işarələməsi nəzərdə tutulur] keçirdi.
Oelunun keçə örtülü bir neçə alaçıqda yaşayan ailəsi bəzən azuqə tapmaqda çətinlik çəkir, həftələrlə sincab və ya balıqla qarnını doyurmalı olurdu. Belə zamanlarda uşaqlar arasında çəkişmə düşürdü. Salnaməçilərin verdiyi məlumata görə, Temuçinin on iki–on üç yaşı olanda çaydan tutduqları balıq üstündə qardaşları ilə sözü çəp gəlibmiş. Belə ki, o, qardaşı Cuçi-Kazarla birləşib digər qardaşları Bekter və Belguteyin üstünə düşmüşdülər ki, tutduqları balığı onlar oğurlayıb. Axırda məsələni aydınlaşdırmaq üçün analarına müraciət edirlər. Lakin anaları tədbirli qadın olduğundan oğullarından heç birinin tərəfini saxlamır. Onlara izah eləyir ki, güc birlikdədir, illah da ki bir bədbəxtçilik baş verəndə: «Böyük, ya da kiçik, nə fərqi var? Siz qardaşsınız. Bir-birinizə qarşı belə davranmaq sizə yaraşarmı? Öz kölgəmizdən başqa, bilin ki, dostumuz yoxdur».
Ancaq Temuçin və qardaşı Cuçi-Kazar bu öyüdü qulaqardına vururlar. Onların çılğın və kinli xarakteri tezliklə faciəyə səbəb olur. Bir dəfə uşaqlar təzəcə vurduqları torağay üstündə yenidən mübahisə edirlər. Temuçin ilə Cuçi-Kazar Bekteri oxlayır. «Gizli tarix» təsdiqləyir ki, bu, düşünülmüş qətl olub: Temuçin kürəyində gizlətdiyi oxla arxadan ögey qardaşına yaxınlaşır. Eyni vaxtda Cuçi-Kazar da qarşıdan ona sarı gəlir. Bekter qardaşlarına analarının öyüdünü xatırladıb aman diləyir. Ancaq hədər yerə… İki qardaş bir yerdə onu oxun hədəfinə çevirirlər. Temuçin və qardaşının başlarını aşağı salaraq gəldiyini görəndə Oelun məsələnin nə yerdə olduğunu anlayır. Öz doğma oğullarını ögey qardaşlarını qətlə yetirdiklərinə görə o ki var söyür, danlayır. Onlara qarğışlar yağdıraraq hay-həşir salır, böyük oğlunu «yenicə doğduğu küçükləri dişləyən it», «öz balalarını yeyən vəhşi ördək» adlandırır.
Bu cür soyuqqanlılıq, qisasçılıq və başqasının həyatını yox saymaq, yəqin ki, yeniyetməlik illərindən Temuçinin xarakterinin əsas cəhətlərindən idi. Bekterin qətli gələcəklə bağlı bir həqiqətdən xəbər verirdi: Temuçin iradəsinə qarşı çıxanı, hətta qardaşı belə olsa, tərəddüd etmədən öldürməyə qadirdir!
IV FƏSİL
«Monqollar düşmən görəndə ona yaxınlaşar, hərəyə üç-dörd ox atarlar. Əgər bununla onların geri çəkilməsinə nail olmazlarsa, geri dönər, hiyləgərliklə düşməni özlərinə cəlb edib əvvəlcədən hazırladıqları tələyə salarlar. Yazıq onları qova-qova tələyə düşən düşmənin halına; tatarlar bir göz qırpımında onları dövrələyib məhv edərlər».
Plano Karpini
Tarğıtay-Kuriltikin qorxusu
Oelun bir zamanlar övladlarını yanına çağırıb deyəndə ki, onların öz kölgələrindən başqa dostu yoxdur, bu fikrində əsla yanılmamışdı. Zamanın sərt sınaqları qardaşları tədricən bir-birinə daha möhkəm tellərlə bağlamağa başladı. Yesugeyin oğlanları bərkdən-boşdan çıxıb möhkəmlənən qurd əniyi[8 - Ənik – yırtıcı heyvan balası] kimi yavaş-yavaş gücə, qüvvətə dolurdular. Başlarına gələn bədbəxtliklər onları nəinki sındıra bilmiş, əksinə, daha da bərkitmişdi.
Oğlanların hər çətinliyə mətanətlə sinə gərmələri barədə deyilənlər tezliklə tayciutların başçısı Tarğıtay-Kuriltikin də qulağına çatdı. Bu həmin Tarğıtay-Kuriltuk idi ki, öz qolbəyilərinə Oelun və onun yaxınlarını tərk etməyi tapşırmış, bununla da Yesugeyin ailəsini təkbaşına qoymuşdu.
Tarğıtay-Kuriltik təlaşlanmağa başlamışdı, çünki Temuçin və qardaşlarının ondan qisas almaq fikrinə düşəcəklərindən qorxurdu. Bu səbəbdən də o nə qədər gec deyil, Yesugeyin övladlarının başını əkmək fikrinə düşdü. «Hələ cücədirlər, nə qədər ki böyüyüb qartal olmayıblar, başıma bir çarə qılmalıyam» – Tarğıtay-Kuriltik belə fikirləşirdi.
Temuçinin oğurlanması
Günlərin bir günü Yesugeyin ailəsinin yaşadığı obanın yaxınlığında bir bölük tayciut atlısı peyda oldu. Bir neçə çadırdan ibarət ailə və məiyyəti yaxınlaşan təhlükəni, əslində, əvvəlcədən hiss eləmişdi. Ancaq qəfildən üstlərini alan bu qədər silahlı kişiyə qarşı neyləyə bilərdilər? Qaçmaqdan başqa çarə yox idi. Ən böyük təhlükə, şübhəsiz, o vaxt on beş yaşında olan Temuçinin başı üstünü kəsdirmişdi. Tarğıtay-Kuriltik, ilk növbədə, onu aradan götürmək fikrində idi. Bu səbəbdən də Temuçin vaxt itirmədən atının belində aradan çıxıb ətraf meşəliklərdə gizləndi. Qardaşları da arxasınca…
Tələm-tələsik ağac budaqlarından qırıb qalaq bağladılar ki, həm arxasında gizlənsinlər, həm də düşmənin ox yağışından qoruna bilsinlər.
Əslində, tayciutlar məsələni dinc şəkildə, qansız-qadasız yoluna qoymaq niyyətində idilər. «Əgər Temuçini bizə təslim etsəniz, sakitcə öz obamıza qayıdacağıq», – onlar Oeluna ismarıc yolladılar. Anlayanda ki, bu bazarlıq onun başındadı, Temuçin bir az da uzağa qaçıb sıx cəngəllikdə gizləndi. Tayciutlar yeniyetməni gizləndiyi yerdə tapmayınca tələsik küknar və qaraşam ağaclarının arasını gəzməyə başladılar. Tarğıtay-Kuriltik silahdaşlarına meşənin girişini nəzarətə götürməyi əmr etdi. Onun hesablaması belə idi ki, çox keçməz yeniyetmə oğlan gizlənməkdən yorular, ya da susuzlayar, aclıq onu taqətdən salar, beləliklə, təslim olmaq məcburiyyətində qalar. Lakin Yesugeyin cəsur oğlundan xeyli müddət xəbər çıxmadı.
Sonra isə Temuçin öz sevimli atının belində bir neçə dəfə mühasirəni yarmaq istəsə də, düşmənin keçilməz sipəri ilə qarşılaşıb geri çəkilməli, yenidən gizlənməli oldu. «Gizli tarix»in yazdığına görə, o, düz on gün meşədə qaldı. Nəhayət, gizləndiyi yerdən sivişib çıxmağa çalışarkən bədbəxtlikdən onu güdənlərin əlinə keçdi. Dərhal Temuçinin əl-qolunu dəridən hazırlanmış kəmərlə bağlayıb tayciutların başçısına təhvil verdilər.
Tarğıtay-Kuriltuk həmin dəqiqə onu öldürə bilərdi, ancaq nədənsə oğlana əl qaldırmadı. Onun mərdliyinəmi qıymadı, yoxsa ona yazığımı gəldi, yaxud öz planını sonrayamı saxladı? Bu sualın cavabı indiyədək məlum deyil. Ancaq bununla belə, o öz adamlarına əsirin boynuna kündə keçirməyi əmr etməklə kifayətləndi. Qədim zamanlardan Çində istifadə olunan bu qandal növü həm qorxulu, həm də dəhşətli idi. Ağacdan hazırlanan bu cür buxovdan adamın başını az qala ayağına tikib təhqiramiz şəkildə saxlamaq üçün istifadə olunurdu. Beləliklə, Temuçin günlərlə bu vəziyyətdə qaldı. Bu şəkildə onu oba-oba gəzdirirdilər ki, hamı ona gülsün, ələ salsın, məzələnsin.
Alçaldılan, bu səbəbdən də içindəki nifrət hissi getdikcə güclənən, quduzlaşmağa başlayan Temuçin qisas yanğısı ilə alışıb-yanırdı. Lakin öncə qaçmağa fürsət tapmalı idi.
Qədim qaynaqlarda deyildiyi kimi, «yayın ilk doğan Ayının on altıncı günü qırmızı halə çağında» tayciutlar Onon çayının sahilində bayram eləyirdilər. Əsirə nəzarəti sütül bir oğlana tapşırmışdılar. Temuçin o saat anladı ki, bir az əlli-ayaqlı tərpənsə, bu incə-mincə nəzarətçini aradan çıxara bilər. Çayın sahilində hamı nəşələnib ucadan, boğaz dolusu oxuyurdu, əsir heç kimin vecinə deyildi. Temuçin fürsətdən istifadə edib gənc qarovulçuya yaxınlaşdı, qəfildən üstünə sıçrayıb onu öldürərək aradan çıxdı. Çay lap yaxından axırdı. Tərəddüd etmədən suların qoynuna atıldı və özünü axının ixtiyarına buraxdı.
Başı, ayağı əvvəlki təki buxovlu olan Temuçinin bu cəldliyi, çevikliyi və iradəsi, həqiqətən, heyrətamizdir!
Hay-haraya ayağa duran tayciutlar vaxt itirmədən onu axtarışına başladılar; qamışlıqların, kolluqların arasını ələk-vələk elədilər. Ay bədirlənmişdi. Qaranlıqdan göz gözü görmürdü. Bu isə həm Temuçinin, həm də tayciutların işini çətinləşdirirdi.
Bu arada bəxt Temuçinin üzünə güldü: nə təhər oldusa, axtaranlardan biri onu gördü. Əlbəttə, düşünə bilərsiniz ki, bunun nəyi yaxşıdır? Sualın cavabını birazdan öyrənəcəksiniz.
Yesugeyin cəsur oğlu hələ də başı, ayağı ağac kündəyə bağlı, buxovun ağırlığından iki qatlanmış halda idi. Onu görən adam isə Sorkan-Sira idi: tayciutların vassalı! Lakin nədənsə o, Temuçini gördüyünü kimsəyə demədi, susdu. Yazığımı gəldi, Yesugey qarşısında hansısa borcundanmı çıxdı, yoxsa tayciutlarla arasında ədavətmi vardı? Bu suala da cavab vermək mümkün deyil. Lakin fakt budur ki, Sorkan-Sira Temuçini görüncə axtarışın yönünü dəyişdirdi, bununla da oğlan təhlükədən sovuşdu. Bütün gecəni boş-boşuna gəzməkdən yorulan tayciutlar axtarışı sabaha saxlayıb çadırlarına dağılışdılar. Onlar əmin idilər ki, boynunda kündə olan, üstəlik, atsız və silahsız bir adam çox da uzağa gedə bilməz…
Sorkan-Siranın bu yaxşılığını qiymətləndirib gizlicə öz doğma yurduna qayıtmaq əvəzinə Temuçin başqa yol seçir. O, xəlvətcə tayciutların obasına qayıdır və özünü xilaskarının alaçığına salır. Bu müdrik bir addım idi. Belə ki, əgər ev yiyəsi onu gizlətməkdən boyun qaçırardısa, onda Temuçin başqa üsula əl atacaqdı: Sorkan-Siranı hədələyəcəkdi ki, onu gördüyü halda yoldaşlarına xəbər verməyib!
Sorkan-Sira əvvəlcə Yesugeyin oğluna qonaqpərvərlik göstərmək istəmir, çünki qətlə yetiriləcəyindən qorxur. Ancaq oğulları yalvarıb-yaxarır ki, Temuçinin istəyinə yox deməsin. Bundan sonra ev sahibi onu buxovdan azad edir, gizlədir, özünə gəlməsi, gücünü bərpa etməsi üçün əlindən gələni əsirgəmir.
Ertəsi gün tayciutlar ikiqat əzmkarlıqla hər tərəfi ələk-vələk eləyib Temuçini tapmadıqdan sonra alaçıqları axtarmaq qərarına gəlirlər. Sorkan-Sira qonağını alaçıqdan xəlvətcə çıxıb çadırın yanındakı içi yun dolu arabada gizlənməyə razı salır. Tayfa başçısının adamlarından biri gəlir, uzun ətəyini çərməyib arabadakı yunun içinə baxmaq istəyəndə Sorka-Sira bu dəfə də cəld tərpənib Temuçini xilas edir. «Belə cəhənnəm istisində yunun içinə girmək özünü oda atmaq kimi bir şeydir. Buna yalnız ağlını itirmiş adam cəhd edə bilər», – deyə söz atır. Sorkan-Siranın sözlərini həqarət kimi qəbul edən həmin şəxs başçının dəstəsiylə oradan uzaqlaşır.
Temuçin həmin dəqiqə arabadan çıxır. Birtəhər özünə gəlir. Ona qızardılmış quzu və iki tuluq süd olmaqla yol azuqəsi qoyurlar. Sorkan-Sira öz səxavətini bir daha göstərir: oğlana yay-ox, bir də, at bağışlayır.
Temuçin doğma obasına doğru yola düzəlir. Sağ-salamat öz ailəsinin yanına qayıdan gənci qəhrəman kimi qarşılayırlar. Bununla o da öz yaxınları arasında layiq olduğu yeri tutur.
Obadakılar məşvərətə toplaşır, axırda qaldıqları düşərgəni tərk edib tayciutlardan mümkün qədər uzaqda binə salmağa qərar verirlər. Tezliklə Kentey dağlarının ucqarındakı Mavi göl yaxınlığında məskunlaşırlar…
Ov
Belə yerdə at sürəklərindən başqa elə bir əyləncə yoxdur. Köçərilərin indiyə qədər yaşatdığı bu at yarışlarında yəhər üstündən əyilərək yerdəki papağı, şalı, ya nəyisə dişləriylə götürmək, atı var gücüylə çaparaq yerə basdırılmış ağac parçasını nizə ilə vurmaq kimi bacarıqlar sərgilənirdi. Bundan başqa, ov ovlamaq da sevimli əyləncələrdən biri olmaqla yanaşı, həm də gündəlik azuqə ehtiyatını təmin etmək üçün vacib məşğuliyyət idi…
Sonralar on minlərlə döyüşçüyə başçılıq etdiyi vaxtlarda belə Temuçinin ov ehtirası sönməyəcəkdi.
Temuçin uşaqlıq çağlarından etibarən ova təlim keçmiş qartallarla çıxırdı. Qartalla ov etmək monqollarda şərəfli bir iş sayılırdı. Ən azı ona görə ki bu yırtıcı quşa ovun sirlərini öyrətmək, onu ələ alışdırmaq böyük ustalıq tələb edirdi…
Yesugeyin cəsur oğlu erkən yaşlarından xüsusilə sürək ovlarında kifayət qədər iştirak eləmişdi. Bu həmin vaxtlar idi ki, onda ailənin vur-tut on ədəd qatıra bənzər atı vardı; çətin dövr idi. Günlərin bir günü tayciutlar bunların səkkizini oğurladılar. O zaman belə oğurluqlar geniş yayılmışdı və bu cür hadisələr nəsildən-nəslə keçərək qanlı qisasçılıq zəncirinə çevrilirdi. Səkkiz atın oğurlanması Temuçinin ailəsini çətin vəziyyətdə qoydu. Əlində qalmış vur-tut iki atla neyləmək olardı? O vaxtlar mal-qara sürüsünü piyada otarmaq mümkün deyildi. Temuçin olub-qalan iki atdan birini yəhərləyib yüyənlədi, vaxt itirmədən oğruların izinə düşdü. İki gün onların iziylə getdi. Bəxtindən bir çobana rast gəldi. Çoban bir bölük atlının səkkiz atı qabaqlarına qatıb apardığını ona xəbər verdi. Hətta atları bir-bir rəngləriylə təsvir də elədi. Bu, Temuçinə bəs elədi ki, həmin atların özününkü olduğuna şübhə yeri qalmasın. O, gənc çobanı da yanına alıb yenidən oğruların dalınca götürüldü. Axırda cavanlar oğrulara yetişib oğurladıqları atları dava-dalaşsız onların əllərindən aldılar.
Öz ilxısına yenidən sahib olan Temuçin atların yarısını Boorçuya – ona yoldaşlıq eləmiş çobana vermək istədi. Ancaq cavan oğlan bundan imtina elədi, üstəlik, bunu da dedi ki, indən belə daim Temuçinə yardım əli uzatmağa hazırdır. Onun alicənablığı Temuçinin qəlbindəki incə telləri tərpətdi və qısa zaman içində bu gənclər arasında ömürboyu sürəcək dostluq yarandı. Boorçu dostunu öz atasının yanına apardı. Qovrulmuş əmlik quzu qonaqlığından sonra Temuçin doğma obasına qayıtdı.
Verdiyi sözü tutmaq…
İllər ötdükcə Temuçin və onun yaxınlarının dolanışığı əhəmiyyətli dərəcədə yaxşılaşmağa başladı. Onlar cah-calallı həyat sürməsələr də, hər halda, gün-güzəranları pis də keçmirdi.
Temuçinin ilxısı bir-birindən gözəgəlimli daylarla, dayçalarla bir az da böyüyür, yamyaşıl vadilərdə ot qırpa-qırpa oynaqlaşır. Mal-qaranın sayının artması ailəni gözləyən daha yaxşı gələcəkdən xəbər verirdi…
Belə bir vaxtda artıq yetkinlik yaşına çatan Temuçin Dey Setçenlə münasibətlərini bərpa etməyi qərara alır. Yesugeyin ölümündən sonra, yeddi ilə yaxın idi ki, onlar görüşməmişdi. Temuçin Müdrik Deyin qızıyla nişanlandığını unutmamışdı. Günlərin bir günü o, ögey qardaşı Belguteylə birlikdə adaxlısı gənc Börtəni görməyə gedir. Bu vaxt Börtənin artıq on altı yaşı vardı. Bəd gələn illərə – Yesugeyin faciəli ölümünə və aradakı gediş-gəlişin kəsilməsinə baxmayaraq Müdrik Dey sözünün üstündə durur, vədinə əməl edir: qızını Temuçinə ərə verir.
Temuçinin adaxlısı üçün nə qədər başlıq verdiyi məlum deyil. Ancaq gəlinin cehizi içində qayınanası üçün nəzərdə tutulmuş «sitkul» deyilən bir hədiyyə vardı. Bu hədiyyə sonralar Temuçinin yüksəlişində böyük rol oynamış, xaqanlara layiq samur xəzi idi…
Beləliklə, Temuçin evlənir. Var-dövlət sahibi olmasa da, indi onun daim güvəndiyi doğmalarının sırasına bir nəfər də əlavə olunmuşdu: bu onun həyat yoldaşı – xanımı idi. Artıq məhrumiyyətlərlə dolu ağır illər geridə qalmışdı. Temuçinin daha böyük hədəfləri vardı: o digər tayfalarla əlaqələr qurmaq, öz təsir dairəsini genişləndirmək barədə düşünürdü. Bu işdə isə xanımının böyük köməyi dəyəcəyini qısa vaxtda anladı. Börtə ağıllı, mətin və tədbirli qadın idi. Odur ki, həqiqətən də, qısa zamanda Temuçinin ən yaxşı məsləhətçisinə çevrildi. Hətta bir çox hallarda Börtənin məsləhətləri Temuçinin qərar verməsində həlledici rol oynayırdı.
Sonralar Temuçin çoxlu arvad və kənizlərə sahib olsa da, ilk xanımına qarşı bağlılığı ömürlük davam etdi.
Toğrula sədaqət andı
Temuçin atasının ölümündən sonra qüvvədən düşən bir çox anlaşmaları, münasibətləri yavaş-yavaş bərpa etməyə başladı. Bunlardan biri Temuçinin gələcəyi baxımından xüsusi əhəmiyyətə malik idi.
Məsələ burasındadır ki, Yesugey qüdrətli vaxtlarında özünü «keraitlərin hakimi» elan etmiş Toğrula taxt-taca yiyələnməkdə ciddi dəstək vermişdi.
Yesugeyin ölümündən sonra keraitlərlə əlaqə kəsilmişdi. Odur ki günlərin bir günü Temuçin bu tayfa və onun başçısı ilə münasibətləri bərqərar etmək fikrinə düşdü. Bu, vaxtında verilmiş qərar idi.
Temuçin doğma qardaşı Cuçi-Kazarla ögey qardaşı Belguteyi özü ilə götürüb dünyanın ən dərin gölü olan Baykala tökülən Tuul çayının sahilinə gəldi. Keraitlər məhz bu ərazidə yaşayırdılar. Onların mənşəyi barədə məlumatlar ziddiyyətlidir: XII əsrə qədər bu tayfa haqqında heç nə məlum deyildi. Sadəcə, Rəşidəddinin[9 - Fəzlullah Rəşidəddin – 1247–1318-ci illərdə yaşamış tarixçi, həkim, dövlət xadimi. «Tarixlər toplusu» («Came ət-təvarix») əsərinin müəllifidir.] əsərlərində bir neçə kerait xaqanının şəcərəsinə rast gəlmək olar. İlk dəfə keraitləri birləşdirən Marqus-Buyrak xan sayılır. Bir sıra tarixçilər onu xristian kimi təqdim edir, bu isə onunla əsaslandırılır ki, adı (yəni Marqus) «Mark» sözündən gəlir. Vaxtilə Marqus-Buyrak xanın hökmranlığı altında olan keraitlərin bir hissəsi nestorianlığı[10 - Nestorianlıq (və ya nəsturilik) – V əsrdə Bizansda formalaşmış xristianlıq təriqəti. Bu təriqətin banisi Konstantinopol patriarxı (428–431) Nestorius olub. Nestorianlıq təliminə əsasən, «Tanrı anası» adlandırılan Məryəm əslində İsa Məsihi adi insan kimi dünyaya gətirib və yalnız sonradan o, Tanrı səviyyəsinə yüksəlib.] qəbul etmişdi.
Temuçin də məhz nestorian keraitlərin qonağı olacaqdı. O özü ilə bir çox qiymətli hədiyyələr də götürmüşdü. Toğrul xaqan keçmiş müttəfiqi Yesugeyin oğlunu ehtiramla qarşıladı. Temuçin ona dedi: «Nə vaxtsa sən özünü atamın andası elan etmisən, deməli, indi sən mənə ata əvəzisən. Mən artıq evliyəm. Xatunumun yolladığı hədiyyəni ilk görüşümüzün şərəfinə sənə təqdim edirəm».
Toğrul böyük məmnuniyyətlə hədiyyəni qəbul etdi və Temuçinə söz verdi ki, ona əlindən gələn köməyi əsirgəməyəcək. Üstəlik, gənc oğlana öyüd verdi ki, köhnə silahdaşı, dostu Yesugeyin mirasını bir yerə cəmləsin: tədricən monqol tayfalarını birləşdirsin!
Temuçin bu təklifə çox sevindi. Toğrul bu işdə də ona yardım göstərəcəyini böyük bir qətiyyətlə elan etdi. «Mən dağılıb dörd tərəfə səpələnmiş monqolları sənin iradənə tabe etmək üçün üzərimə düşən vəzifəni yerinə yetirəcəyəm!» – xaqan təntənəli şəkildə bildirdi.
Temuçin qulaqlarına inana bilmirdi: nəhəng bir ərazidə neçə-neçə tayfa-tirəni öz hakimiyyəti altında birləşdirən kerait xaqanından bu vədləri eşitmək onun üçün gözlənilməz idi. Düzdür, o, Toğrul xaqanın andasının oğludur, atası bir vaxtlar ad çıxarmış tayfa başçısı olub. Lakin bəs özü kimdir? Heç on ədəd atı olmayan xırda bir maldar! Elə isə, Toğrul xaqanı belə cazibədar vədlər verməyə nə vadar edirdi? Axı hələ ki Temuçin yalnız öz əsil-nəcabəti ilə öyünə bilərdi, həyatda heç bir böyük uğurun sahibi deyildi.
Temuçin bir qədər düşündükdən sonra belə qənaətə gəldi ki, Toğrul xaqanın vədləri onun sabiq müttəfiqi Yesugeyə dərin hörmətindən qaynaqlanır, vəssalam!
Bütün hallarda köhnə müttəfiqliyi bərpa etmək üçün böyük bir hökmdarın hüzuruna çıxmaq elə-belə iş deyildi. Temuçinin buna cəsarəti çatmışdı və ancaq alqışlamaq olardı. Obrazlı desək: qartal balası zirək tərpənib özünü qoca qartalın qanadları altında gizlədə bilmişdi. Güc, qüdrət toplayanadək bu ona hava, su kimi lazım idi!
Toğrul xaqanın Temuçini himayə edəcəyi barədə xəbər bir göz qırpımında ucsuz-bucaqsız monqol çöllərinə yayıldı.
Yesugeyin cəsur oğlu öz qardaşları ilə doğma obasına yenicə qayıtmışdı ki, uryanxay tayfasından Carkuday-Abuqan adında ixtiyar bir kişi oğlu Celme ilə birlikdə onun yanına gəldi. Görünür, qoca ya gec də olsa, Yesugeyə sədaqətini nümayiş etdirmək, ya da Temuçinlə Toğrulun keçmiş müttəfiqliyi bərpa etdiyini öyrənən kimi uzaqgörən davranıb oğlunu onun xidmətinə gətirmişdi. Sonralar Celme öz doğruluğu, dürüstlüyü və sədaqətli xidmətiylə Temuçinin ən yaxşı sərkərdələrindən biri olacaqdı…
Beləliklə, Temuçin kerait xaqanının vassalı olduğunu qəbul etdi, ardınca ətrafındakı adamların sayı çoxalmağa başladı. Həmin adamlar yaxın gələcəkdə Temuçinin ordusunun nüvəsini təşkil edəcəkdi.
Bu gəncə qısa vaxtda və bir çoxları üçün gözlənilməz sayıla biləcək uğuru gətirən nə idi? Şəxsiyyətinin cazibədarlığımı, yoxsa bu qoçağın başı üstündə getdikcə daha gur parlayan xoşbəxtlik ulduzunu görən adamların öz ümidini ona bağlamasımı?
Merkitlərin Börtəni oğurlaması
Temuçin tayciutların ailəsinə və yaxınlarına vurduğu yaraları sağaltmaq barədə düşündüyü bir vaxtda gözlənilməz və dəhşətli hadisə baş verdi: 1184-cü ildə – hansı ki onun hələ otuz yaşı tamam olmamışdı – merkitlər xanımı Börtəni oğurladılar.
Bu həmin vaxt idi ki, Kerulen çayının yuxarı axarında qurulan alaçıqlarda Temuçinin tayfa-tirəsi öz gündəlik qayğıları ilə məşğul idi. Günlərin bir günü durduqları yerdə Oelunun xidmətçisi olan yaşlı qadın Xoaçin nəsə həyəcan dolu, anlaşılmaz səs-küy eşitdi. Qulağını torpağa qoyub dinşədi. Bir sürü at ayağının səsini duydu. Tez qalxıb xəbərə qaçdı. Təlaşlı səslə bir bölük atlının onlara doğru gəldiyini xəbər verdi. Hamı bir andaca qarətçilərin hücumunu dəf etmək üçün hazır vəziyyətdə gözləməyə başladı.
Əslində, onlar tayciutların basqınını çoxdan gözləyirdilər. Odur ki bir qulaqları daim səsdə idi…
Elə ki üç yüzə qədər atlı onlara yaxınlaşdı, məlum oldu ki, bunlar merkitlərdir.
Merkitlərin mərhum Yesugeylə köhnə haqq-hesabı vardı. Belə ki, Temuçinin atası Oelunu məhz merkitlərdən qaçırmışdı. Aradan illər keçmiş, ancaq onlar bunu unutmamışdılar. Odur ki indi Yesugey soyundan bir neçə qadını qaçırmaq qərarına gəlmişdilər.
Temuçin və yaxınları dərhal anladılar ki, işlər şuluqdur: onlar vur-tut on atlı idilər, qarşılarında isə az qala bir qoşun vardı. Belədə qaçmağa üz qoydular. Hamı aradan çıxdı, bircə Temuçinin xanımı ilə Yesugeyin ikinci arvadı at çatmadığından obada qaldılar.
Qəribə görünə bilər ki, axı niyə kişilər öz qadın ailə üzvlərini tərk edib taleyin ümidinə buraxsınlar? Üstəlik, onların arasında hər bir merkitlinin həsrətində ola biləcəyi təzə gəlin olduğu halda…
Bəziləri bunu qadınlara qarşı laqeyd münasibətlə, bəziləri düşmən tayfanın qəfil basqınından doğan təşviş və həyəcanla izah edirlər.
Bir çoxlarının fikrincə isə Temuçin öz qadınını hiyləgərliklə yurdda saxlayıbmış ki, düşmənlərin başı ona qarışsın, qalanlar qaçıb qurtulsun. Artıq yəhər üstünə qalxmış, qaçmağa hazır oba əhlini arxayınlaşdırmaq üçün qoca xadimə qışqırdı: «Siz gedin, Börtəni mən gizlədərəm!» O, vaxt itirmədən belə də elədi: Börtəni arabaya yığılmış yun qalağının altında gizlətdi.
Birazdan merkitlər tərk edilmiş alaçıqlara doluşdular. Heç bir müqavimətə rast gəlmədən Yesugeyin xanımını ələ keçirdilər. Sonra xidmətçi qadını görüb kim olduğunu soruşdular. Qadın yun dalınca gəldiyini, arabaya doldurduğu yunu öz binələrinə aparacağını söylədi. Merkitlər ona inanmadılar, tələsik arabanı axtardılar və beləliklə, Börtəni də tutdular. Onların qələbə sevincini, qışqır-bağırını, ələ keçirdikləri əsir qadınlar qarşısında kinayə ilə necə qəhqəhə çəkdiklərini təsəvvürə gətirmək çətin deyil.
Merkitlər qaçıb aradan çıxanları təqib etmək fikrinə düşdülər, at ayaqlarının izi ilə bir qədər getdikdən sonra fikirlərindən daşındılar: bu izlər qarətçiləri ətrafı cəngəllik və bataqlıqla çevrəli olan meşəyə aparırdı. Onlar meşəyə girməyi təhlükəli hesab etdilər və geri qayıtdılar.
Merkitlər Temuçin və yaxınlarını da əsir götürmək fikrindən həm də ona görə əl çəkmişdilər ki, onsuz da Börtə və Yesugeyin dul arvadını tutmuşdular. Deməli, qisaslarını almış, namuslarını təmizə çıxara bilmişdilər.
Merkitlərin bir də geri dönməyəcəyinə tam əmin olandan sonra Temuçin və qardaşları, eləcə də digərləri meşədən çıxdılar. Ancaq buna baxmayaraq Temuçin obaya qayıtmağı düzgün saymadı: onlar bir müddət elə meşə kənarındaca, iri ağac budaqlarından düzəldilmiş çalıda qaldılar. Axırda təhlükənin tamamilə sovuşduğunu görüb öz yurdlarına dönməyə qərar verdilər.
Xanımı və atasının dul qadını əsir düşsə də, Temuçin belə hesab edirdi ki, böyük bir xatadan qurtara biliblər. Odur ki o üzünü müqəddəs Burxan-Xaldun dağına tutub Tanrıya dua elədi: «Qoca Xoaçinin ayıqlığı və tülkü gözləritək iti baxışları sayəsində bu bədbəxt həyatımı qurtara bildim; Burxan-Xaldun dağlarının ətəklərinə yetişib söyüd budaqlarından özümə koma düzəldə bildim… Hər sabah Burxan-Xaldun dağına qurban kəsəcəyəm, hər gün ona dua edəcəyəm. Qoy oğullarımın oğulları da onun bu yaxşılığını unutmasın!»
Sonra müqəddəs adətlərə uyğun olaraq qurşağını açıb boynuna saldı, on kərə yumruğunu sinəsinə döyüb üzüqoylu yerə əyilib Günəşə səcdə elədi.
Dağlar türk və monqol xalqları üçün qədimdən bəri müqəddəsdir. Onlar uluların əcdadı, igidlərin arxa-dayağı, heyvanların və quşların hamisi hesab olunur. Temuçinin üz tutduğu Burxan-Xaldun da belə müqəddəs məkanlardandır.
Günəşə gəldikdə o, türk və monqol xalqlarının dünyagörüşündə xüsusi yer tutan «Əbədi Mavi Göy» (Koekoe Mongka Tengri) inancı ilə bağlıdır. Monqol əsatirlərində Burxan-Xaldun Göyə – Tanrıya ucalmağın, Günəş isə bu ucalığın simvolu kimi göstərilir.
Kitabımızın növbəti səhifələrində Temuçinin həyatı boyu ondan dəfələrlə nicat umduğunun şahidi olacağıq.
Mavi Göyə həyatını xilas etdiyinə görə öz şükran dualarını çatdırdıqdan sonra Temuçin dərhal planlar qurmağa başladı: gözəl xanımı Börtəni və atasının dul qalmış ikinci arvadını necə qaytaracaq, bu rüsvayçılığın qisasını merkitlərdən necə alacaq? Axırda Temuçin belə qərara gəlir ki, kömək üçün onu öz qanadları altına alan Toğrul xaqana müraciət etsin. Axı Toğrul pərən-pərən düşmüş tayfa-tirəsini Temuçinin ətrafında toplayacağına dair söz vermişdi.
Merkitlər kifayət qədər güclü idilər, onlara hücum etmək qanlı bir müharibəyə başlamaq deməkdir. Belə bir müharibəyə isə hazırlıqsız girişmək olmazdı.
Toğrul xaqan sözünün üstündə durur. Kömək üçün üstünə gələn Temuçini əliboş qaytarmayaraq deyir: «Biz onları məcbur edərik ki, arvadın Börtəni və Yesugeyin dul qalmış ikinci arvadını qaytarsınlar. Hətta bütün merkit tayfaları əlbir olsa və bundan boyun qaçırsalar, biz qadınları onların əlindən zorla alarıq!»
Hadisələrin sonrakı gedişatı gözlənilən istiqamətdə cərəyan edir: merkitlər nə Temuçinin xanımını, nə də Yesugeyin ikinci qadınını xoşluqla qaytarmaq istəmirlər. Belə olduqda müharibə qaçılmaz zərurətə çevrilir.
Camuka
Merkitlər üç əsas tayfadan ibarət idi: uduit, uvas və xaatlar. Bu etnik qruplar və qonşu tayfalar daha çox Selenqa çayı hövzəsində – Baykal gölü və Altay dağları arasındakı düzənlikdə köçəri həyat sürürdülər. Onların ümumilikdə otuz–qırx min nəfərdən ibarət olduğu güman edilir.
Merkitlərlə müharibə etmək üçün öz tərəfdaşlarını toplamazdan əvvəl Toğrul arxa cəbhəni möhkəmləndirmək qərarına gəldi.
Bundan sonra o, monqol əsilli cayrat boyunun tayfa başçısı Camukaya müraciət etdi. Yetim olsa da, bir bəy ailəsində tərbiyə alan Camuka uşaqlıqdan Temuçinlə dost idi, bərabər oyun oynayardılar. Sonralar onlar xüsusi ayinlə anda olmuşdular.
İndi isə Camuka bir neçə min nəfərlik güclü ordunun qüdrətli sərkərdəsinə çevrilmişdi.
Toğrul Temuçinə Camuka ilə hərbi ittifaqa girməyi məsləhət gördü: «Get kiçik qardaşın Camuka ilə razılığa gəl. O hazırda Arkonak-Cuburda olmalıdır. Həmin vaxtadək mən iki tümən[11 - Tümən – on minə bərabər olan miqdar sayı] atlıyla döyüşə hazır vəziyyətdə olacağam. Qoy kiçik qardaşın Camuka da iki tümən atlısıyla gəlsin. Toplaşacağımız yeri və vaxtı Camuka müəyyənləşdirsin».
Toğrul və Camuka hər birinə iki tümənlik ordu səfərbər etsəydilər, bu, ümumilikdə 40.000 süvari, deməli, kifayət qədər böyük bir ordu demək olacaqdı. Belə bir ordunun isə müharibə təcrübəsi olan sərkərdələr tərəfindən idarə olunması mütləq şərtdir. Xoşbəxtlikdən bu baxımdan problem yox idi: istər Toğrul, istərsə də Camuka ağıllı və cəsarətli sərkərdələr idi.
Temuçin Cuçi-Kazar və ögey qardaşı Belguteyi də götürüb məqsədini bildirmək üçün Camukanın yanına gedir. Əlbəttə, cayratların başçısı bunadək merkitlərin əleyhinə əldə edilən sövdələşmə və ittifaqdan xəbərdar idi. Temuçinə sədaqəti dəyişməz olaraq qaldığındanmı, merkitləri darmadağın etmək üçün kifayət qədər gücə sahib olduğundanmı (hər ikisi mümkündür) – Camuka öz andasına razılıq verir: «Biləndə ki, andam Temuçinin yatağı boş qalıb, qəlbim iztirabla doldu. Eşidəndə ki onun köksü parçalanıb, qara bağrım şan-şan oldu. Merkitləri məhv etməklə onun qisasını alacaq, xatunun Börtəni xilas edəcəyəm…»
Bu sözlərdən sonra əsl igidlərə yaraşan şəkildə Camuka öz hücum planını ortaya qoydu. Görünən o idi ki, cayratların başçısı düşmənin mövqeləri və döyüş qüvvəsi barədə yetərincə məlumatlı idi.
Camuka bildirdi ki, orduya ümumi rəhbərliyi öz üzərinə götürməyə hazırdır. O, atlı dəstələri yüz-yüz bölərək necə yerləşdirmək barədə də planını açıqladı.
Razılıq əldə edildikdən sonra ordunu döyüşə hazırlamaqla məşğul oldu.
Ancaq Temuçin və Toğrul razılaşmanı pozub Camukayla təyin edilmiş yerdə əvvəlcədən müəyyənləşdirilən vaxtdan yalnız üç gün sonra birləşdilər. Buna görə cayratların başçısı müttəfiqlərinə ciddi narazılığını bildirdi: «Bəylər, biz beləmi vədələşmişdik? Yağış da yağsa, tufan da qopsa, deyilən vaxtda görüşəcəyimiz yerdə hazır olacağımıza söz verməmişdikmi? Monqol «hə, oldu» dedisə, bu, and içməyə bərabər deyilmi? Məgər hamımız bir yerdə qərara gəlmədikmi ki, söz verib gecikəni sıralarımızdan çıxmağa məcbur edərik?»
Bu danlaqdan pərt olan Toğrul günahını boynuna alır, üzr istəyir. Camuka ya qəlbinin genişliyindən, ya da ittifaqın pozulmaması və andasına verdiyi sözü tutması naminə müttəfiqlərini bağışlayır. Beləliklə, birləşmiş ordu merkitlərin üstünə yürüşə keçir. Hərbi əməliyyatın gedişindən belə məlum olur ki, bu elə-belə, tələm-tələsik toplanıb kiminsə üstünə cummaq cəhdi deyil.
Atlılar kilometrlərlə yol qət etdilər. Qarşılarını kəsən meşəliklərdən, keçilməsi ancaq sal vasitəsilə mümkün olan çaylardan adladılar. Xamar dağının sıldırım dərələrini aşan müttəfiqlər, nəhayət, Xilok çayının vadisinə, merkitlərin məskunlaşdığı torpaqlara çatdılar. Burada əvvəlcə uduit boyunun öndəri Toktoa bəyin obasına hücum etdilər. Ancaq həmin həndəvərdəki ovçuların vaxtında xəbərdar etməsi səbəbindən tayfa başçısı bütün var-yoxunu və qohum-əqrəbasını düşmən ümidinə qoyub aradan çıxdı.
Börtənin qurtarılması
Döyüşün elə ilk dəqiqələrindəcə merkitlər uduzacaqlarını başa düşmüşdülər. Obası qəfildən dövrəyə alınmış, monqol atlılarının təqib etdiyi tayfa başçısı gecəvaxtı Selenqa çayının sahillərində qeybə çəkildi. Merkitlərin böyük bir qismi həlak oldu. Toğrulla Camukanın ordusu heç kəsə aman vermədi. Yurddan vahimə içində çıxıb qaçmaq istəyən kişiləri rəhmsizcə öldürürdülər. Bəziləri gecənin zil qaranlığından yararlanıb aradan çıxmağa çalışsa da, buna çox az merkitli nail ola bildi. Hər tərəfdən dəhşətli qırşırtılar, can üstə olan yaralıların tükürpərdici iniltiləri, qadınların nalə və fəryadları eşidilirdi. Obanın hər tərəfi meyitlərlə dolu idi. «Gizli tarix»də Temuçinin bu savaşda nə kimi rol oynadığı barədə heç nə deyilmir. Salnaməçi bircə onu qeyd edir ki, Temuçinin başı sevgili xanımını axtarmağa qarışdığından döyüşün başını, demək olar, buraxmışdı. Birdən xanımını qaçmağa üz qoymuş merkitlərin arasında gördü. Dəlicəsinə qışqırıb Börtənin adını çağırdı. Bəxti gətirdi: qadını onu eşitdi. Temuçin qılıncını atıb yenicə doğmaqda olan Ayın zəif işığında sevgilisinə sarıldı.
Aradan keçən həftələr ərzində nələr baş vermişdi, bəlli deyil. Ancaq bir şey məlum idi: Börtə hamilə qalmışdı – təbii ki, onu qaçıranlardan… Bir neçə ay keçəcək, onun doğduğu uşağa «qonaq» mənasına gələn «Cuçi» adını verəcəkdilər.
Əvvəlcə də dediyimiz kimi, merkitlər Börtə ilə yanaşı, Temuçinin ögey qardaşının anasını da qaçırmışdılar. Qadının adı Seçigil idi. Onu tapmaq üçün oğlu Belgutey bütün düşmən alaçıqlarını aradı. Güc-bəla ilə yaxınlıqdakı meşədə gizləndiyini öyrəndi. Belgutey meşəyə yollanıb anasını hayladı. Lakin qadın cır-cındır içində olduğundan oğlunun üzünə çıxmaq istəmədiyi üçün onun səsinə səs vermədi. Qadının imtinasının başqa bir səbəbi də vardı: o, əsirlikdə olarkən merkitlərdən birinə güclə arvad edilmişdi. Buna görə çox utanır və oğlanlarının üzünə baxa bilməyəcəyini düşünürdü.
Belgutey anasını çox gəzdi, ancaq o tapılmadı. Sonradan məlum olacaqdı ki, yazıq qadın canına qıyıb.
İşi belə görən Belguteyin qan beyninə sıçradı, sağ ələ keçirilən merkitləri qılıncdan keçirdi. Bununla kifayətlənməyib onların uşaqlarına da aman vermədi.
Beləcə, monqollarla merkitlər arasında amansız ədavət daha da alovlandı.
Lakin həmin qırğınlar zamanı insanlığın tamamilə ölmədiyinə dair nişanələrə də rast gəlmək olardı. Məsələn, monqolların xüsusilə azyaşlılara mümkün olduğu qədər xoş münasibət bəsləməsi kimi… Belə ki, Temuçin döyüş meydanında qalan, xəz geyimli beşyaşlı oğlan uşağı görür. «Gözlərindən qığılcım çıxan» bu uşağı götürüb saxlamaq, ondan Oelun üçün xidmətçi yetişdirmək qərarına gəlir…
Qəribə dostluq
Artıq Temuçinin fikri-zikri tezliklə öz doğma yaylaqlarına qayıtmaq idi. Ancaq bundan öncə öz xeyirxah müttəfiqlərinin yanına gedib onlara minnətdarlığını bildirmək istəyirdi. Sonra isə qalibiyyətlə bitən bu döyüşdə onlara yar və yardımçı olan ulu Tanrıya – Mavi Göyə dualar edəcəkdi…
Müttəfiqləri onun təşəkkürünü ehtiramla qəbul edib kömək əli uzatmağa hər zaman hazır olduqlarını dedilər.
Bundan sonra Temuçin öz adamlarıyla doğma yurda qayıtdı. Toğrulla Camukanın niyyəti isə başqa idi: bu iki sərkərdə başqa bir merkit boyu olan uvasların üzərinə hücuma keçirlər. Məqsəd merkitlərin gözünü tamamilə qırmaq, onlar üzərində əldə edilən üstünlüyü daha da möhkəmləndirmək idi.
Uvarlar öz sürülərini Selenqa və Orxon çayları arasında yerləşən yaylaqlarda otarırdılar.
Birləşmiş ordu bu boyu da darmadağın etdikdən sonra Toğrul öz yurduna – Tuul çayının yuxarı axarına qayıdır (bura indi Monqolustanın paytaxtı Ulan-Bator yaxınlığında yerləşir).
Camuka ilə Temuçinin yolları isə qəribə şəkildə yenidən kəsişir. Tale onları iki ilə yaxın bir müddətdə təzədən birləşdirir. Öz sürüləriylə Onon çayı sahilləri boyunca köç elədikləri zaman bu iki andalı qardaş daha da doğmalaşırlar.
Hələ on–on bir yaşları olanda Camuka ilə Temuçin, demək olar, hər gün aşıq-aşıq oynayardılar. Bir-birinə salğarlı sümük aşıqlar, eləcə də misdən tökülmə aşıqlar hədiyyə edərdilər. Onlar əbədi dostluğa and içmişdilər. Sonralar – bir qədər böyüdükdən sonra ov zamanı oxlarını dəyişdirərdilər: birininki yaydan çıxan zaman fit verən, digərininki ardıc ağacından bəzəyi olan oxlardı.
Oxların dəyişdirilməsi onlar arasında dostluğun, bir-birinə olan etibarın və sədaqətin ifadəsi idi.
Merkitlər üzərində qələbədən sonra andalı qardaşlar əvvəllər – uşaqlıq çağlarında olduğu kimi dostluq əlaməti olaraq yenə də bir-birinə qiymətli hədiyyələr bağışladılar. Temuçin Camukaya öz kəhər atını, bir də, Toktoa bəyin obasından ələ keçirdiyi qızıl kəmər ərməğan elədi. Camuka da ondan geri qalmadı: yel qanadlı atını ona bağışladı, üstündə də daş-qaşla bəzədilmiş qiymətli bir kəmər!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/misel-yoanq/cingiz-xan-68289268/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Şaman – ruhlara, magiyaya inanan xalqlarda (əsasən, şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər
2
Sənduqə – məzarın üzərindəki sinədaşı
3
Bozqır – Avrasiya materikinin arid kontinental iqlim zonasında susuz, ot bitkilərindən ibarət meşəsiz ərazi
4
Binə – əsasən, maldarlıqla məşğul olan əhalinin məskən saldığı yer
5
Tirə – nəsil, tayfa
6
Yak – Tibetdə yetişdirilən, iri buynuzları və uzun tükləri olan, gövşəyən iri heyvan
7
Enəmək – burada sahibinin öz heyvanını tanıması üçün onun qulağını müxtəlif formada kəsib işarələməsi nəzərdə tutulur
8
Ənik – yırtıcı heyvan balası
9
Fəzlullah Rəşidəddin – 1247–1318-ci illərdə yaşamış tarixçi, həkim, dövlət xadimi. «Tarixlər toplusu» («Came ət-təvarix») əsərinin müəllifidir.
10
Nestorianlıq (və ya nəsturilik) – V əsrdə Bizansda formalaşmış xristianlıq təriqəti. Bu təriqətin banisi Konstantinopol patriarxı (428–431) Nestorius olub. Nestorianlıq təliminə əsasən, «Tanrı anası» adlandırılan Məryəm əslində İsa Məsihi adi insan kimi dünyaya gətirib və yalnız sonradan o, Tanrı səviyyəsinə yüksəlib.
11
Tümən – on minə bərabər olan miqdar sayı