İbn Sina
Smirnova-Rakitina
Tarixi yaradanlar
Bu kitab Qərbdə «Avisenna», Şərqdə isə «İbn Sina» kimi tanılnan böyük alimin uğurlarla və məşəqqətlərlə dolu zəngin həyat yolu haqqında ən mötəbər əsərlərdən biridir.
Vera Smirnova-Rakitina
İbn Sİna
Ümidsiz xəstəlik yoxdur, ümidsiz həkim var.
İbn Sina
Abdullah İbn Sina
…Buxara yaxınlığında yerləşən Hərmaysan kəndinin kovxası[1 - Kovxa – keçmişdə bir çox Şərq ölkələrində kəndin inzibati işlərini idarə edən şəxs] olan gənc Abdullah ibn Sina[2 - İbn Sina – ərəbcədən tərcümədə «Sinanın oğlu» deməkdir. Abdullahın atasının adı Sina idi. Sonralar Abdullahın böyük oğlu Əbu Əli əl-Hüseyn də onu özünə soyad kimi götürmüş və elə bu soyadla məşhurlaşmışdır.] Sitarə ilə evlənməyi çoxdan gözləyirdi. Nəhayət, qarşıdan gələn payızda toy eləmək qərarını qətiləşdirdi. Lakin hər şey yığılacaq məhsuldan asılı idi. Məhsul bol olardısa, vergi də çox toplanacaq, deməli, vergidən Abdullaha düşəcək pay da artıq olacaqdı. Çünki indi, toy ərəfəsində pul ona daha çox lazım idi. Bir yandan adəti üzrə toyqabağı Əfşana, Sitarənin ata evinə getməli, bu zaman bahalı hədiyyələr aparmalı idi. Digər tərəfdən isə toy adına layiq olmalı idi.
Kovxalıq vəzifəsinin hörmət-izzəti çox olsa da, təhlükəli iş idi. Adama çoxlu rəqiblər, düşmənlər qazandırırdı. Hər an bu vəzifədə gözü olanların qəzəbi, hiyləsi ilə üzləşə bilərdin. Elə Abdullahın sələfi dayaz bir arxda sirli şəkildə boğulub öldürülməmişdimi? Üstəlik, hər il vergi toplanarkən söz-söhbətlər yaranır, narazılıqlar baş qaldırır, hətta bütün bunlar qanlı iğtişaşlara çevrilirdi. Odur ki kovxalıq vəzifəsini tutan şəxsdən həddən artıq ağıllı, igid və zirək olması tələb olunurdu. Xoşbəxtlikdən bütün bu xüsusiyyətlər Abdullahın xarakterinə xas idi. Bundan başqa, o öz dövrünə görə kifayət qədər savadlı şəxs sayılırdı. Müasirlərinin çoxu ilə müqayisədə yaxşı anlayırdı ki, başqalarının faciəsi və bədbəxtliyi üzərində qurulan xoşbəxtlik uzun sürə bilməz. Kovxalıq isə elə vəzifə idi ki, tez-tez camaatla üz-göz olmalı, əmrlərdən çıxanlara qarşı qəddar davranmalı idin. Məhz bu mənada Abdullah tutduğu vəzifədən elə də razı deyildi. Ona görə də Hərmaysandan Buxaraya köçmək arzusunda idi. Fikirləşirdi ki, bu qədim şəhərdə, dövrünün elm, mədəniyyət mərkəzlərindən birində özünə təkcə maddi cə-hətdən yox, həm də mənəvi baxımdan daha rahat bir iş tapa bilər.
Əslində, Abdullah çoxdan bu qərara gəlmişdi, lakin həm işləri yarımçıq qoymaq istəməmişdi, həm də Sitarə ilə evlənmədən Buxaraya köçməyə könlü razı deyildi. O, qızı ilk dəfə görüb vurulanda Sitarənin yaşı ailə qurmaq üçün az idi. Aradan illər keçmiş, artıq evlənməkdən ötrü Abdullahın qarşısında heç bir əngəl qalmamışdı.
Bu o dövr idi ki, Hərmaysan da daxil olmaqla böyük bir coğrafiyada Samanilər sülaləsi hökmranlıq edirdi. 875-ci ildə qurulan bu dövlətin ərazisi indiki Özbəkistan da daxil olmaqla Orta Asiyadan müasir İranın şərqinədək uzanırdı. Samanilər dövləti öz adını xanədanın banisi Saman Xudadan götürmüşdü.
Abdullah ibn Sinanın Hərmaysanda işlədiyi vaxtlarda – 970-ci illərdə Buxara Mavəraünnəhrin paytaxtı idi. Orta Asiyanın ən münbit ərazisi olan Mavəraünnəhr iki çay arasında yerləşirdi (elə ərəbcədən tərcümədə də adının mənası «iki çay arası» deməkdir – red.) Onlardan biri Amudərya, digəri isə Sırdərya çayı idi. Bügünkü İran ərazisinin bir parçası olan Xorasan, eləcə də Xarəzm (hazırkı Qaraqalpaq Muxtar Vilayəti) də bu dövlətin tərkibinə daxil idi.
IX əsrdən etibarən Mavəraünnəhr Samanilər sülaləsi tərəfindən idarə edilməyə başladı. Belə ki, Yaxın və Orta Şərqin ərəblər tərəfindən işğalından sonra xəlifə Samaniləri Mavəraünnəhr və Xorasanda öz nümayəndələri təyin etmişdi. IX əsrin sonu – X əsrin əvvəllərində həmin sülalə üzvlərindən biri İsmayıl Samani ərəblərə qarşı çıxdı. O, yerli əhalini xilafətə qarşı mübarizəyə qaldırdı. Məqsədi ərəb işğalı və tayfa davaları nəticəsində parçalanan ölkəni birləşdirmək, Mavəraünnəhrdə güclü dövlət yaratmaq idi. Bu dövlət xəlifənin hakimiyyətini qəbul etməyəcək, onu müsəlman aləminin ruhani rəhbəri kimi tanımaqla kifayətlənəcəkdi.
Beləliklə, Samanilər dövləti meydana çıxdı, Buxara isə onun paytaxtı oldu. Artıq X əsrdə, əmir Nuh ibn Mənsurun dövründə Buxara Asiyanın şərqində ən böyük və qüdrətli şəhərlərdən birinə çevrilmişdi. Bu da ətraf yerlərdən ora güclü insan axınına gətirib çıxarmışdı.
Abdullah ibn Sina da həmin axına qoşulmaq niyyətində idi. Fikrini qətiləşdirmişdi, lakin bir narahatlığı vardı: quraqlıq.
Abdullah qorxurdu ki, quraqlıq bir müddət də davam eləsə, bu, məhsul qıtlığına gətirib çıxarar. Məhsulun azlığı isə onun bütün arzularını alt-üst edə bilərdi. Çünki vergi toplamaq çətinləşəcək, belədə istər evlənmək, istərsə də, Buxaraya köçüb orada yeni həyata başlamaq üçün kifayət qədər pulu olmayacaqdı.
Üstəlik, quraqlıq aclığa, aclıq isə kəndlilərin qiyamına gətirib çıxara bilərdi.
Lakin Abdullahın narahatlığı uzun sürmədi. Bir gecə təlaşlı fikirlər içində yatağa uzanarkən öncə göy guruldadı, arxasınca güclü yağış başladı.
Orta Asiyada hətta indinin özündə də belə yağışlar nadir hallarda yağır…
Abdullahın ürəyi yerinə gəldi.
***
Axır ki, Sitarə ilə evlənmək arzusunu gerçəkləşdirən Abdullah toydan sonra Əfşana köçdü. 980-ci ildə orada onun oğlu dünyaya gəldi. Bu, gələcəyin böyük alimi və kitabımızın qəhrəmanı Hüseyn idi. Bir il sonra isə Abdullahın ikinci oğlu Mahmud doğuldu.
Abdullah Əfşanda yeddi-səkkiz il qaldı. Bundan sonra o, ailəsini də götürərək Buxaraya köçdü. Həmin vaxt Abdullahın oğulları xeyli böyümüşdü. Artıq onların təhsili barədə ciddi düşünmək zamanı idi.
Abdullahın işləri Buxarada pis getmirdi. O, dövlət işinə düzəlmiş, qısa vaxtda isə vəzifə pillələrini xeyli qalxmışdı. Çox keçmədən müstövfi divanında[3 - Müstövfi divanı – maliyyə işləri ilə məşğul olan dövlət idarəsi] işə başlayan Abdullah Buxarada ev almağa belə nail olmuşdu. O, övladlarının fərasətindən də xeyli razı idi. Xüsusilə böyük oğlunun – sonralar Avropada «Avitsenna», Şərqdə isə sadəcə «İbn Sina» adı ilə böyük şöhrət sahibi olacaq Hüseynin elmə, təhsilə hədsiz marağı onu qanadlandırırdı*.
Abdullahın qonşuluğunda meyvə-tərəvəz alveri ilə məşğul olan bir tacir var idi. Bu tacir eyni zamanda dövrünə görə yaxşı savad sahibi idi. Qazancını artırmaq üçün kiçik bir məktəb açmışdı. Burada bir neçə uşağa o vaxtlar «hind hesabı» adlanan altmışlıq say sistemi ilə cəbr öyrədirdi.
Abdullah Hüseyni də bu məktəbə göndərmək qərarına gəldi. Lakin Hüseyn tacirin dərslərinə həvəssiz yanaşırdı. Çünki yaşının az olmasına baxmayaraq onun öyrətdiklərində yeni heç nə görmürdü. Beləcə, atası tezliklə anladı ki, belə bacarıqlı, fərasətli uşağı hər yoldan ötən müdərrisə[4 - Müdərris – müəllim, dərs verən adam] etibar etmək olmaz. Odur ki Hüseynə ayrıca, üstəlik, yaxşı bir müəllim tutmaq qərarına gəldi. Həmin dövrdə bu, maddi baxımdan elə də asan məsələ deyildi, ancaq xoşbəxtlikdən Abdullahın artıq buna imkanı çatırdı.
Biz əvvəldə Abdullahın savadlı biri olduğunu vurğulamışdıq, indi isə əlavə edək ki, o həm də yaxşı müşahidə qabiliyyətinə malik idi. Əlbəttə, həyat təcrübəsi də öz yerində… Bu səbəbdən də ətrafında baş verənlərə tənqidi, şübhə ilə yanaşmağa başlamışdı. Nəticədə o, islamla bağlı ortodoksal (mühafizkar, doqmatik– red.) görüşlərdən imtina edib qərmətilər[5 - Qərmətilər – İsmaililiyin Fatimi xəlifələrini qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət] məzhəbini qəbul etdi. Bu məzhəb bəzi başqa müsəlman dini cərəyanları ilə müqayisədə daha mütərəqqi sayılırdı.
Digər məzhəblərin nümayəndələri qərmətilərə soyuq münasibət bəsləyirdilər. Bəzən bu soyuqluq düşmənçilik həddinə çatırdı. Odur ki qərmətilər daha çox gizli fəaliyyət göstərir və tez-tez yerlərini dəyişirdilər. Qərmətiliyi Abdullah nə siyasi, nə də dini səbəblərlə qəbul etmirdi. Bu ona dayanmadan səyahətdə olan, çox yerləri gəzən, görən ismaililərlə daha rahat şəkildə əlaqələr qurmaq üçün lazım idi. Əlbəttə, Abdullah onlara qoşulub evini, ailəsini atmaq, çöllərə düşmək fikrindən uzaq idi. O, sadəcə, həmin adamlarla söhbətlərdən dünya, ətraf-aləm barədə biliklərini zənginləşdirmək, nəticədə həyatı yeni bucaqdan görmək və qavramaq istəyirdi. Abdullah hətta uşaqlarına da qərməti məzhəbinə mənsub, ya da onlara rəğbət bəsləyən müəllimlər tutmaq istəyirdi.
Ümumiyyətlə isə Abdullah dini və fəlsəfi mübahisələri çox sevirdi. Bu cür mübahisələr apara biləcəyi insanlarla qarşılaşanda ovqatı hədsiz dərəcədə yüksəlir, özünü olduqca xoşbəxt hiss edirdi. Hüseyn belə mübahisələrin əhatəsində böyüyürdü. O, atası ilə həmsöhbətləri arasındakı qızğın mübahisələrə diqqətlə qulaq asırdı.
Təsadüfən tapdıqları bir müəllimdən ədəb, qrammatika, poetika, üslüb və başqa elmləri öyrənən Hüseyn şəriət hüququnu (fiqh) öyrənmək üçün İsmayıl əz-Zahidin yanına yollanmışdı. Əz-Zahidin böyük evi vardı və evin geniş otaqlarından biri məktəb kimi istifadə olunurdu. Hər gün bura onlarla uşaq gəlib fiqhin incəliklərini öyrənirdi. Onların içində yaşca ən kiçiyi Hüseyn idi.
Hüseynin yaşı o qədər az idi ki, öyrəndiklərinin fərqinə elə də varmırdı. İnsanların haqları, onlar arasında bərabərlik, dünya nemətlərinin ədalətli bölüşdürülməsi kimi məsələlər Hüseyni dərindən düşündürmürdü. O, hələlik sadəcə bilgilərini artırırdı. Şübhəsiz ki, bu biliklər Hüseynin formalaşmasına, dünyagörüşünün genişlənməsinə təsirsiz ötüşmürdü. Lakin yaşının azlığı səbəbindən daha çox dəcəlliyə meyilli idi: bəzən öz şıltaqlığı ilə nəinki dərs yoldaşlarını, hətta müəllimini – əz-Zahidi də özündən çıxarırdı. Artıq ona həm təlim, həm də tərbiyə işini yaxşı bilən müəllim tutmaq zərurəti meydana çıxmışdı. Atası bunu gözəl anlayırdı.
Bir gün Abdullah ibn Sina dostlarından öyrəndi ki, Buxaraya Natili[6 - Natili – qədim yunan farmakoloqu və həkimi Pendius Dioskoridesin (M.ö. I yüzillikdə yaşamışdır) məşhur əsəri «De Materia Medika»nın ərəbcə tərcüməsini redaktə edərək anlaşıqlı hala gətirmiş görkəmli alim. Həmin kitab əsrlər boyunca həkimlərin və farmakoloqların istinad etdikləri əsas mənbə olmuşdur.] adlı bir alim gəlib. Deyilənə görə o, qərməti imiş və qalmağa yer axtarırmış. Bu minvalla Natili Abdullahın evinə gəlib çıxdı.
Natili
Abdullahla tanış olanda Natili olduqca çətin vəziyyətdə idi. Məişət qayğıları onu tamamilə üzmüşdü. Sürdüyü ağır həyatdan yorğun düşən ixtiyar bədəni və beyni artıq dinclik arayırdı. Lakin yaşamaq lazım idi, bunun üçün də sığınacağı bir evə, qarnını doyura biləcəyi işə ehtiyacı vardı. Çoxdandır kitablardan uzaq düşən, qocalığı səbəbi ilə elmdən uzaqlaşan Natili indi belə bir ev və iş naminə sahib olduğu bilikləri Hüseynə öyrədəcəkdi.
Abdullah isə sadəcə, oğluna layiqli bir müəllim tapdığına görə sevinmirdi. Eyni zamanda Natilinin qərmətilərlə yaxınlığı səbəbindən çox məmnun idi. Hətta o ümid edirdi ki, Natili «İxvantüs-səfa» cəmiyyətinin üzvlərindən biri, ya da həmin cəmiyyətlə necəsə bağlı olsun. «Etibarlı dostlar» anlamına gələn bu cəmiyyətin əsası Bəsrədə qoyulmuşdu. Cəmiyyətin fəaliyyəti Şərq ölkələrində fəlsəfəyə əhəmiyyətli dərəcədə maraq oyatmışdı. «Etibarlı dostlar» bir çox dini məsələlərə tənqidi münasibət bəsləyir, əksər məqamlarda yunan fəlsəfəsini islam doqmaları ilə birləşdirməyə cəhd edirdi. Ona görə də cəmiyyətin üzvləri mühafizəkar müsəlmanların nəzərində kafir sayılırdılar.
Abdullah isə fərqli fikirdə idi; evində «İxvantüs-səfa»nın bir üzvü qalacağı təqdirdə nə qədər xoşbəxt olacağını düşünürdü. Əgər Natili, həqiqətən də, «Etibarlı dostlar»dan olsa, Abdullah dini və fəlsəfi mövzularda mübahisə etmək, yaxud təzə bilgilər qazanmaq üçün tamamilə yeni həmsöhbət tapacaqdı.
Beləliklə, çox keçmədən Hüseyn yeni müəlliminin yanında dərslərə başladı. İlk dərslər «İsagoge» kitabından idi. Tirli Porfirinin yazdığı bu əsərin adı «məntiqə giriş» anlamına gəlir. Tirli Porfiri onu qədim yunan alimi Aristotelin (M.ö. 384 – M.ö. 322) məşhur «Məntiq» kitabına giriş kimi yazmışdır.
Natili ilk dərslərdən Hüseynin məntiq elmini qavramasına heyran qaldı. Onun məntiqin dərkinə dair izahları müəllimini təəccübləndirmişdi. Əslində isə təəccüblü heç nə yox idi: Hüseyn atasının savadlı dostları ilə din, fəlsəfə mövzusundakı mübahisələrindən az şey öyrənməmişdi. İndi isə bu öyrəndikləri onun köməyinə çatırdı. Bunu da qeyd etmək yerinə düşər ki, Natili fəlsəfəni həddən artıq yüksək qiymətləndirir və bu sahədəki bilikləri ilə öyünürdü. Lakin Tirli Porfirinin kitabını oxuyandan sonra Hüseyn başa düşdü ki, Natilinin məntiqə dair bilikləri atası ilə həmsöhbət olan savadlı qərmətilərdən elə də fərqlənmir.
Natili dərs vaxtı arabir güclü yaddaşını işə salar və Pifaqordan, Platondan, Aristoteldən bütöv mətnləri, az qala, əzbər deyərdi. Hüseyn onu diqqətlə dinləyər, dediklərini yadda saxlamağa çalışardı. Bununla belə, müəllimi adını çəkdiyimiz qədim müdriklərin elmi yanaşmalarını, bu yanaşmaların mahiyyətini dəqiqliklə izah edə bilmədiyindən Hüseyn üçün çox məsələlər qaranlıq qalırdı. Lakin ruhdan və maraqdan düşmürdü. «Mən anlamalıyam! Mənim qavraya bilməmək haqqım yoxdur!» – deyə öz-özünü həvəsləndirirdi. Bu inamla qəliz, mürəkkəb fəlsəfi müddəaların yozumuna girişirdi.
Digər elmlərə münasibəti də təxminən belə idi. Natili ona Evklid həndəsəsi haqqında yenicə məlumat vermişdi, beş-altı həndəsi fiquru təzəcə öyrətmişdi. Hüseyn qəfildən hiss etdi ki, digər teoremləri müəlliminin izahları olmadan təkbaşına özü də isbat edə bilər.
Bir dəfə Hüseyn və Natili Evklidin hər ikisi üçün elə də aydın olmayan bir müddəası ilə qarşılaşdılar. Məşğələlərə bir müddət ara verdilər. Aradan bir neçə gün keçəndən sonra şagirdi Natilinin yanına gəldi. Fəxrlə müxtəlif formullar yazılmış, həndəsi fiqurlar çəkilmiş vərəqləri müəlliminə göstərdi. O bunu məntiq elminin köməyi ilə etmiş və müəlliminə Evklidi nəzərdə tutaraq demişdi: «Böyük həndəsə aliminin nə demək istədiyini bildim! Fikir verin, məntiqlə bir teorem digərindən doğur!..»
Natili, sifətində xəcalətli təbəssüm, saqqalını didişdirərək öz yetirməsinin həyəcanlı nitqini sonadək dinləmiş və məəttəl qalmışdı. Şagirdinə öyrətməli olduğunu şagirdinin özündən öyrənirdi!
Bir axşam Hüseyn Natilinin qapısını döydü. Müəllim işin nə yerdə olduğunu gözəl bilirdi. Bilirdi ki, şagirdi qonşudakı məscidin minarəsinə çıxıb oradan ulduzları seyr etmək istəyir. Hüseyndə astronomiyaya maraq son vaxtlar oyanmışdı.
Natili yeriməkdə çətinlik çəksə də, sevimli şagirdinin xətrinə dəymək istəmədi. Bir qədər sonra onların ikisi də minarənin meydançasında idilər. Natilinin nəfəsi təngiyirdi. Onun halına acıyan Hüseyn elə beləcə də demişdi:
– Böyüyəndə həkim olacağam, səni müalicə edəcəyəm, əziz xocam[7 - Xoca – burada: ustad, müəllim, tərbiyəçi]!
Natili təəccüblənmişdi: necə yəni «həkim olacağam»? O, ilk dəfə idi ki, Hüseyndən bu sözləri eşidirdi. Halbuki indiyədək Hüseyn şəriət hüquqçusu və filosof olacağını söyləyirdi. Həm də bunu elə qətiyyətlə deyirdi ki, Natili kimsənin onu həmin fikirdən daşındıracağını ağlına belə gətirmirdi.
Müəllimi Hüseyndən soruşdu ki, nə üçün fikrini dəyişib?
«İnsanlara yazığım gəlir… Onların xəstəliklərdən, yaxud qocalıqdan əziyyət çəkməsini istəmirəm» – Hüseynin cavabı bu olmuşdu. Ardınca da əlavə etmişdi ki, məgər həkimlik onun gələcəkdə həm də fiqh, fəlsəfə və astronomiya ilə məşğul olmasına əngəl yarada bilər?!
Ayaq üstə durmağa çətinlik çəkən Natili balaca, taxta kətildə əyləşib şagirdinə ayrı-ayrı ulduzları, Süd yolunu[8 - Süd yolu – Günəş sisteminin də daxil olduğu qalaktika] və s. göstərdi. Sonra isə astronomiya haqqında bildiklərini ona danışmağa başladı.
Eramızın II yüzilliyində yaşamış yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu Klavdi Ptolomeyin[9 - Klavdi Ptolomey – 100–170-ci illərdə yaşamış yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu] «Almagest»[10 - «Almagest» – Ptolomeyin səma cismlərinin hərəkətindən və koordinatlarından bəhs edən kitabı. Ərəbcə «Əl-Məcisti» adlanır.] kitabını oxuduqdan sonra Hüseynin astronomiyaya marağı daha da artdı. O, Pifaqor və davamçılarının Yerin kürə şəklində olduğuna dair fərziyyələrindən də ilk dəfə bu kitab vasitəsilə xəbər tutmuşdu. Pifaqora görə, Yer hərəkətsiz deyil, kainatın mərkəzini təşkil etmir, onun özü nəhəng alov topası ətrafında fırlanır. Yaşadığı dövr üçün inanılmaz təsir bağışlayan bu fikirlər Hüseyni xeyli həyəcanlandırmışdı. Halbuki Ptolomeyin fikrincə, kainatın mərkəzində hərəkətsiz dayanan Yer durur.
– Böyük kəşfdir! – Hüseynlə birgə kitabı oxuyan Natili demişdi. – Bu, planetlərin bizim Yer kürəsi ətrafında fırlanmasını deməyə əsas verir.
Natilinin yadına düşdü ki, vaxtilə bir Misir astronomu ona planetlərin fırlanma sxemini çəkməyi məsləhət görmüşdü. Lakin o həmin məsləhətə qulaq asmamışdı. İndi isə özü Hüseyni məcbur etdi ki, planetlərin hərəkət trayektoriyasını göstərən həndəsi fiqurları cızsın. Şagirdi onun tapşırığını yerinə yetirəndə Natilinin heç bir şübhəsi qalmamışdı ki, qarşısındakı adi bir uşaq deyil, gələcəyin böyük alimidir!
Ola bilsin, Natili heç də güclü müəllim deyildi, lakin dürüst, təmizqəlbli bir adam idi. Ona görə də şagirdinin atası Abdullaha dəfələrlə demişdi ki, Hüseyni heç vaxt təhsildən ayırmasın: «Qətiyyən şübhə eləmirəm ki, o, gələcəkdə böyük alim olacaq!»
Natili bir müddət Hüseyngildə qaldıqdan sonra Ürgəncə – Xarəzmin paytaxtına köçdü. Hüseynin formalaşmasında müəyyən rol oynasa da, onun gedişi şagirdini bir o qədər məyus eləmədi. Görünür, Natili onun qəlbində elə də dərin izlər buraxmamışdı…
«Metafizika»nın axtarışında
Təqvim 992-ci ili göstərəndə Samanilər dövlətinin başı üstünü qara buludlar almağa başlamışdı. Əslində, problemin kökü xeyli əvvələ gedirdi. Belə ki, IX yüzilliyin ortalarında Mərkəzi Asiyada köçəri türk tayfalarının – qarluqların, çiğillərin, yağmaların və başqalarının birləşməsi prosesi başlamış, nəticədə Qaraxanilər adlı dövlət yaranmışdı. Bu dövlət qısa müddətdə öz qonşuları üçün ciddi təhlükə mənbəyinə çevrildi. Həmin təhlükəni üzərində hiss edən dövlətlərdən biri də məhz Samanilər idi.
Yağmaçılıqla, talançılıqla həyat sürən döyüşkən türk tayfaları sahib olduqları əraziləri genişləndirmək istəyində idi. Bu məqsədlə hələ X yüzilliyin ilk yarısında Buğra xaqanın[11 - Buğra xan – Qaraxanilər dövlətinin «Satıq Buğra xan» kimi də tanınan IV xaqanı. 920–958-ci illər arasında hökmdarlıq etmişdir. 932-ci ildə İslamı qəbul edərək tarixdəki ilk müsəlman türk xaqanı ünvanını almışdır.] rəhbərliyi altında Qaraxani ordusu bərəkətli torpaqlara malik Mavəraünnəhrə doğru irəliləməyə başlamışdı.
Samani əmiri Nuh ibn Mənsurun həmin vaxtadək tutulmuş gözləri sanki açıldı. Anladı ki, vəziyyət çox ciddidir. Bu da azmış kimi, üç aparıcı sərkərdəsi – haciblər[12 - Hacib – türk əsilli sərkərdələrə verilən ad] Ayaç və Simucuri, eləcə də Faiq düşmən tərəfə keçdi. Mavəraünnəhr əmirinin əlacı ona qaldı ki, Buxaranı müqavimətsiz tərk etsin.
Lakin çox keçmədən tale əmirin üzünə güldü. Buğra xan Buxaranı tutsa da, səhhəti pisləşdiyinə görə orada çox qala bilmədi. Şəhərin suyu keyfiyyətsiz olduğundan müxtəlif xəstəliklərə gətirib çıxarırdı. Buğra xan Səmərqəndə daşınmalı oldu. Nuh öz ordusu ilə yenidən Buxaraya qayıtdı. Bir sözlə, döyüşsüz təslim etdiyi şəhəri yenə də döyüşsüz, qansız-qadasız özünə qaytardı.
Ancaq hər halda, Mavəraünnəhrin Buğra xan tərəfindən işğalı bütün ətraf xalqlara Samanilər dövlətinin artıq ciddi şəkildə zəiflədiyini göstərdi. Nəticədə sonrakı onilliklərdə bu dövlətin sütünu ciddi şəkildə sarsılmaqda davam etdi. X yüzilliyin sonlarında isə Samanilərin vəziyyəti daha da ağırlaşdı. Gedişat göstərirdi ki, onun süqutu elə də uzaqda deyil.
Hər şey gözlənildiyi kimi oldu: Qaraxanilərin 999-cu ildə taxta çıxan yeni xaqanı Toğan xan elə həmin il Mavəraünnəhri tamamilə fəth edərək Samanilər dövlətinin varlığına son qoydu.
Bu təlatümlü hadisələrin başlanğıcında Hüseynin yaşı xeyli az idi. O, Samanilərin ağır, məşəqqətli günlərini öz gözləri ilə görmüşdü. Lakin bu baş verənlər gələcəyin böyük aliminin səylə oxuyub-öyrənməsinə mane olmamışdı. Dayanmadan kitablar oxumuş, müxtəlif elmlərə dair biliklərini dərinləşdirmişdi. Zaman keçdikcə özünü daha çətin, daha qəliz elmi axtarışlara sövq edən Hüseyn, özündən kifayət qədər razı təsir bağışlayırdı. Getdikcə ona elə gəlirdi ki, artıq elmdə çox şeyi öyrənməyə nail olub. Lakin əlinə Aristotelin «Metafizika» əsərinin tərcüməsi düşəndə, Hüseynin bu özündənrazılığı sanki havaya buxarlandı. «Metafizika»nı oxuyub qavramaqda çətinlik çəkən gələcəyin böyük alimi çıxılmaz vəziyyətə düşmüşdü. Köməyə ehtiyacı vardı. Hətta bir ara tamamilə ümidsizliyə qapılmışdı: «Bu əsəri anlamağın yolu yoxdur!» Lakin «Metafizika» heç cür Hüseynin ağlından çıxmırdı. Axırda atası ilə yaxın münasibətləri olan bir filosofa müraciət etdi. Həmin adam ona bu əsəri oxumasının hələ çox tez olduğunu dedi. Lakin Hüseyn «Metafizika»nı oxuyub anlamaqda israrlı idi. İşi belə gördükdə atasının dostu dedi:
– Eşitmişəm ki, Fərabi[13 - Fərabi – təxminən 873 – 950-ci illərdə yaşadığı güman edilən məşhur türk alimi, filosof. Elmdə Aristoteldən sonra «İkinci müəllim» (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır] «Metafizika» kitabına təfsir[14 - Təfsir – şərh, izah] yazıb. Yaxşı olar ki, həmin təfsiri tapıb oxuyasan. Bəlkə, o sənə həmin kitabı anlamaqda kömək etdi.
Hüseyn bu sözlərdən sevincək olub təfsirin axtarışına çıxdı. Lakin cəhdləri uzun müddət nəticəsiz qaldı – Fərabinin əsərini tapa bilmədi.
Yeri gəlmişkən, Hüseyn bu alimin bir çox digər kitablarını oxumuşdu. Məsələn, «Füsus-ül-hikam»ı – yəni «Hikmət inciləri»ni… Lakin indi ona bu türk filosofunun «Metafizika»ya yazdığı təfsir lazım idi, özü də hava və su kimi!
Nəhayət, uzun axtarışlardan sonra o, Fərabinin təfsirini əldə edə bildi. Hüseyn sonralar böyük önəm verdiyi bu tapıntı barədə belə yazacaqdı: «Bir dəfə qürub çağına yaxın bazara, cildçilər tərəfə getmişdim. Bir dəllal əlində bir kitab tutub dayanmadan tərifləyirdi. O, kitabı mənə də uzatdı. Mən almaqdan qətiyyətlə imtina elədim. Həmin adam israr elədi: «Al bunu, olduqca dəyərli kitabdır, üstəlik, qiyməti də çox ucuzdur. Onu üç dirhəmə satıram, sahibinin pula ehtiyacı var». Bu sözləri eşidəndə kitabı aldım. Məlum oldu ki, həmin kitab elə mənim çoxdan aradığım kitabdır. Yəni Fərabinin «Metafizika»ya yazdığı təfsirdir. Sevincək evə qayıtdım və dərhal kitabı açıb oxumağa başladım. Kitabı oxuyub bitirdikdə Aristotelin yazdığı əsərdəki mətləbləri çözmüşdüm. Sevincimin həddi-hüdudu yox idi. Hətta ertəsi gün Tanrıya şükürlər diləyib yoxsullara nəzir-niyaz payladım».
Sonralar Hüseyn elmi yaradıcılığında dəfələrlə Aristotelə üz tutacaq, onun əsərlərinə şərhlər yazacaq, irəli sürdüyü müddəaların təbliğatçısına çevriləcəkdi. Bütün bunlar isə məhz Fərabinin təfsiri sayəsində mümkün olacaqdı. Çünki gələcəyin böyük alimi Aristotelin elmi görüşlərini həmin təfsir sayəsində anlaya, qavraya bilmişdi. Bir sözlə, «Metafizika»nın təfsiri Hüseynin materialist dünyagörüşünün formalaşmasında çox böyük rol oynadı.
Fərabi xarici aləmin mövcudluğunu reallıq hesab edir və onun hissiyyatla dərk olunduğu fikri ilə razılaşırdı. Bu görkəmli alimin fikrincə, dünya maddi elementlərdən yaranmış nəsnələrin məcmusudur. Fərabiyə görə, hərəkət cismin daimi xassəsidir.
Bütün bu elmi yanaşmalar Hüseynə qeyri-adi təsir bağışlayır, onu daha çox oxumağa, öyrənməyə qanadlandırırdı. O nə qədər çox oxuyur və öyrənirdisə, bir o qədər də yaxşı anlayırdı ki, bəşər mədəniyyətini irəli aparanlar təkcə yunan müdrikləri olmayıb. Şərqin Fərabi kimi alimləri də buna öz töhfələrini veriblər. Bu səbəbdən də Hüseynin özünə olan güvəni də artırdı. O, gələcəkdə özünün də insanlığa böyük faydalar verə biləcəyinə hər gün bir az da çox inanırdı.
Zaman keçdikcə Şərq alimlərinin xüsusilə tibb üzrə yazdıqları kitablar Hüseyni daha çox özünə cəlb etməyə başladı. Qeyd edək ki, həmin dövrdə bu cür kitabların şöhrəti hətta Avropayadək yayılmışdı. Şərqli həkimlərə, loğmanlara böyük etimad və rəğbət var idi.
Hüseyn dövrünün görkəmli tibb alimlərindən Əbu-Bəkr ər-Razinin, Əli ibn Abbasın, İshaq əl-İsrailin kitablarını oxumuşdu. O vaxtlar Buxaraya Cindüşapur[15 - Cindüşapur – hazırda İranın Xuzistan ostanında yerləşən qədim şəhər. Sasani hökmdarı I Xosrovun (501–579) bu şəhərdə tikdirdiyi fəlsəfə və tibb məktəbi sonralar böyük şöhrət qazanmışdı.] və İsgəndəriyyə[16 - İsgəndəriyyə – Misirin Aralıq dənizi hövzəsində yerləşən bu qədim şəhər hələ antik dövrdən öz tibb məktəbi ilə bütün dünyada məşhur idi.] kimi məşhur tibb məktəblərinin elmi əsərləri gəlib çıxırdı. Bu, fəlsəfə və astronomiyanın ardından indi də tibbə meyillənən Hüseynin biliklərini dərinləşdirmək üçün böyük fürsət idi.
O dövrün müayinə və müalicə üsulları, dərmanların təyin olunması və hazırlanması yolları indi bizə qəribə, hətta bəsit görünə bilər. Bu, indiki texnoloji yeniliklər çağında olduqca təbiidir. Lakin unutmaq olmaz ki, Şərq tibbinin təməlində çoxəsrlik təcrübə dayanırdı. Həmin təcrübəni mənimsəmək və daha da zənginləşdirmək – Hüseyni düşündürən əsas məsələ bu idi.
İstisna deyil ki, gələcəyin böyük alimini tibb elminə həvəsləndirən şahidi olduğu, müşahidə etdiyi hansısa xəstəlik, hətta qədim və orta çağlar üçün xarakterik sayılan kütləvi yoluxmalar olub. Ancaq bu barədə qəti nəsə söyləmək çətindir, çünki əlimizdə heç bir məlumat yoxdur. Bircə onu bilirik ki, əvvəl də vurğuladığımız kimi, Buxarada içməli su problemi vardı. Şəhərin suyu keyfiyyətcə çox aşağı idi. Yerli əhalinin isə müasir dillə desək, sanitariya və gigiyena qaydaları barədə təsəvvürləri belə yox idi. Qeyd edək ki, bu şəhərdə içməli su səbəbi ilə epidemiyalar, müxtəlif xəstəliklər son yüzilliklərə qədər bitib tükənmək bilmirdi. İnsanların yeganə ümidi türkəçarələr və ara həkimləri idi. Onlar isə sözün həqiqi mənasında əhalinin taleyi ilə oynayırdılar. Təyin olunan «müalicə»lər əksər hallarda daha ağır fəsadlar doğururdu. Əsl loğmanlar çox az idi. Hərçənd Buxaranın onlara çox ehtiyacı var idi. Ola bilərmi, məhz bu ehtiyac Hüseyndə tibb elminə sonsuz maraq və həvəsi getdikcə alovlandırırdı? Əlbəttə, tamamilə mümkündür…
Haqqında danışdığımız dövrdə Buxara şəhərində Əbdülmənsur Qumri[17 - Əbdülmənsur Qumri – müasirləri arasında tibbin həm nəzəri, həm də praktik tərəfini dərindən bilən alim kimi tanınan görkəmli həkim. Buxarada anadan olmuş və bütün ömrünü orada keçirmişdir. Samani hökmdarlarından böyük hörmət-izzət görmüşdür. Günümüzə iki əsəri gəlib çatmışdır: «Arzu olunan və kifayət edən kitab» və «Tibb terminlərini izah edən kitab».] adlı bir loğmanın şöhrəti geniş yayılmışdı. Tibbə olan hədsiz marağı Hüseyni onun yanına gətirdi. Həmin vaxt Qumri islamın ən ciddi ehkamlarını pozaraq meyitlər üzərində araşdırmalar aparırdı. Hüseyn də həmin araşdırmalara qoşuldu, baxmayaraq ki, şəriət hüququna görə bunun cəzası edam, ən yaxşı halda isə sürgün idi. Lakin həm Qumri, həm də tələbəsi başa düşürdülər ki, düzgün müayinə və müalicə üçün insan orqanizminə yaxından bələd olmaq, onu yaxşı tanımaq lazımdır. Bunun yolu isə meyitlər üzərində tədqiqatlar aparmaqdan keçirdi. Lakin meyit əldə etmək o qədər də asan olmadığından Hüseyn digər canlıların cəsədlərini araşdırma predmetinə çevirirdi. Məsələn, pişiklərin və itlərin… Hətta bunun üçün atasından bir qoyun da ala bilmişdi. Bir dəfə isə ona qonşunun ölü dayçasını yarmaq müyəssər olmuşdu. Hüseynin fikrincə, daxili orqanlar barədə ümumi bilgilər əldə etmək üçün digər canlıların cəsədləri də köməyə gələ bilərdi. Ancaq tədricən başa düşdü ki, bu fikrində yanılır: məsələn, otyeyən heyvanların mədəsi ətyeyən heyvanların – itin, pişiyin və s. mədəsindən fərqlənirdi. Belədə insanların daxili orqanları ilə digər canlılarınkı arasında da fərqlər olması aydın idi. Hüseyn bu fərqləri ortaya çıxarmaq üçün baş sındırır, yollar axtarırdı.
Qumri tələbəsinin bu axtarışlarını diqqətlə müşahidə edirdi. Hüseynə isə yeni müəllimi bir qədər Natilini xatırladırdı. Düzdür, Qumri öz dövrü üçün inqilab sayıla biləcək araşdırmalarla – meyitləri yararaq insan orqanizmini dərindən öyrənməklə məşğul olur, böyük təcrübəsi və bu təcrübə əsasında dəqiq diaqnozlar qoyurdu, lakin nədənsə Hüseynə elə gəlirdi ki, müəllimi yeniliklərə kifayət qədər həvəsli deyil. Yəqin, buna görə o, sonralar öz qeydlərində yazmışdı: «Qumri öz yarımçıq biliklərini məqbul sayırsa – öz işidir, lakin mən bu səviyyədə qala bilmərəm! Mən bütün biliklərə yiyələnib əsl həkim olmalıyam. Bu mənim yeganə məqsədimdir…»
Öz məqsədinə çatmaq üçün gecə-gündüz çalışan Hüseyn tezliklə bunun bəhrəsini görməyə başladı. İndi nəinki fəlsəfə, həndəsə və ya astronomiya, hətta tibb üzrə Buxarada onun qarşısına heç kim çıxa bilməzdi. Hüseyn tibbi biliklərini həyatda tətbiq eləmək zamanı çatdığını hiss edirdi. Beləcə, o, müayinə və müalicələrə başladı. Bütün çağırışlara həvəslə gedən gənc həkim günboyu Buxaranın toz-torpaqlı küçələrində harasa tələsirdi. İnsanların diqqətini çəkən bu gəncin səliqəli geyimi, şux qaməti, gözəl çöhrəsi, ala gözləri deyildi. Eyni zamanda mehriban davranışları, istiqanlılığı idi. Qısa vaxtda Hüseyn həm bu xarakteri, həm də düzgün müayinə və müalicələri ilə buxaralıların rəğbətini, hörmətini qazandı. İş o yerə çatdı ki, şəhər sakinləri onunla qarşılaşanda ehtiramla baş əyir, yol verirdilər. Hüseynin fəlsəfə və fiqh sahəsindəki biliyindən Buxaranın sadəcə savadlı təbəqəsi məlumatlı olduğu halda, onun həkimliyindən bütün şəhər əhli xəbərdar idi.
Atası Abdullah oğlunun varlı buxaralıların müalicəsindən qazandığı pulları, qiymətli ənamları – xalçaları, qızıl sapla tikilmiş xalatları, ipək parçaları hesab-kitaba vurur və şübhə eləmirdi ki, bu gedişlə çoxdan arzusunda olduğu var-dövlətə, səadətə qovuşacaq…
İbn Sinanin ilk böyük sınağı
Bir dəfə – onda hələ Samanilər süquta uğramamışdı, – dövlətin əmiri Rza Nuh (II Nuh) ağır və deyilənə görə çarəsiz xəstəlikdən yatağa düşdüyü vaxtlarda Qumrini saraya çağırdılar. Əmirin şəxsi həkimləri onun dərdinə dərman eləyə bilməmişdilər. Ümid Qumriyə qalmışdı. Lakin Buxaranın ən görkəmli loğmanı da hökmdarın xəstəliyi qarşısında çarəsiz qaldı.
Saraydan qayıdan Qumri tələbəsinə – Hüseynə xəstəliyin əlamətlərini yerli-yataqlı təsvir etməyə başladı. Belə görünür, o, Hüseynin fəhminə həddən artıq inanır, buna görə də tələbəsinin fikrini öyrənmək istəyirdi. Hüseyn müəllimini diqqətlə dinlədikdən sonra yaddaşına güc verdi. Lakin nə qədər çalışsa da, oxuduğu kitablardan Qumrinin sadaladığı əlamətlər barədə heç nə xatırlamadı. Odur ki müəlliminə dedi: «Əmirin xəstəliyini anlamaq üçün onu şəxsən müayinə eləməyim gərəkdir. Bəlkə, belədə bir köməyim dəydi…»
Qumri tələbəsi ilə razılaşdı, lakin bildirdi ki, onu əmirin yanına aparmağa ixtiyarı çatmır. «Bununla belə, çalışaram saray əyanlarını razı salım» – Qumri lap axırda bunu dedi və getdi. Hüseyn həyəcanlı şəkildə müəllimindən gələcək xəbəri gözləməyə başladı. Həmin müddətdə isə bir dəqiqə belə boş dayanmadı: Qumrinin sadaladığı əlamətlərin hansı xəstəliyə aid ola biləcəyini müəyyənləşdirmək üçün kitabları ələk-vələk elədi. Lakin səyləri nəticəsiz qaldı.
Bu zaman Qumri saray əyanlarını yola gətirməklə məşğul idi. Əyanlar məşhur loğmandan Hüseyn ibn Sinanın adını eşidincə dodaq büzdülər, əmirin şəxsi həkimləri isə əməlli-başlı pərt oldular. Kimsənin dərdinə əlac edə bilmədiyi əmiri indi əl boyda uşağa tapşırmaq?! Lakin həm Qumrinin israrlarını nəzərə alıb, həm də öz canlarının dərdindən sonda razılaşmalı oldular. Xüsusilə saray həkimləri əmir sağalmasa, buna görə cəzalandırılacaqlarını yaxşı bilirdilər. Odur ki indi onlara bütün məsuliyyəti üzərinə atmaq, bütün günahı boynuna yıxmaq üçün bir nəfər lazım idi. Elə isə həmin bir nəfər niyə İbn Sina olmasın?!
Beləcə, axşama doğru razılıq verildi və Hüseyni saraya gətirmək üçün onun arxasınca adam göndərildi. Hüseyn qızıl bəzəmələri gün işığı kimi par-par yanan şux geyimli əmiri Buxara küçələrindən keçərkən çox görmüşdü. Şəhərin varlı, imkanlı adamları özünü ona bənzətməyə çalışır, onun kimi geyinmək üçün əldən-ayaqdan gedir, hətta bığlarını, saqqallarını onun kimi qırxdırırdılar…
İndi isə Hüseynin qarşısında biçarə, yuxusuzluğun və naxoşluğun əldən saldığı bir adam uzanmışdı. Saray həkimləri səssizcə kənara çəkilərək ona yol açmış, eyni zamanda qaşqabaqlarını sallamışdılar. Onlar əmin idilər ki, İbn Sina da hökmdarın dərdinə dərman eləyə bilməyəcək. Ürəklərində isə buna sevinirdilər. Əmirin başına bir iş gəlsə, Hüseyni günahkar çıxarıb öz yaxalarını kənara çəkə biləcəkdilər.
Əmirin yatağına yaxınlaşmaq üçün Qumrinin yanından keçərkən müəllimi ona pıçıltı ilə bunu deməyə macal tapmışdı: «Çalış, əmirlə göz-gözə qalmağa müvəffəq ol. Belədə onun gözlərinin içinə yaxşı baxıb halından nəsə öyrənə bilərsən».
Hüseyn bu müdrik məsləhətə əməl elədi. Ətrafdakılardan onu padşahla tək buraxmalarını xahiş etdi. Gənc olmasına baxmayaraq səsi o qədər təmkinli və qətiyyətli idi ki, hətta buna özü də təəccübləndi. Saray həkimlərinin və əyanların İbn Sinanın xahişindən narazı qaldıqları sifətlərindən aydın oxunurdu. Onların yerindən tərpənmədiyini görən Hüseyn isə xahişini təkrarladı. Bu zaman əmir də gücünü toplayıb əl hərəkəti ilə həkimlərinə və əyanlarına otaqdan çıxmağı işarə elədi.
Elə ki hər kəs otaqdan çıxdı, Hüseyn müayinəyə başladı. Nəticədə belə qərara gəldi ki, əmir uzun müddətdir davam edən, üstəlik, bir yox, bir neçə xəstəliyin kəskinləşməsindən əziyyət çəkir. O, hələlik ən ziyansız ağrıkəsici və yuxu gətirici vasitələrdən istifadə etməyi qərara aldı. Hökmdar yuxuya getdikdən sonra onu Qumrinin nəzarətində qoyub saraydan çıxdı. Gənc həkim bütün gecəni fikirli-fikirli dolaşdı. Müayinə və müşahidələrinin nəticəsi olaraq əmirin xəstəliyinin konkret səbəbi üzərində düşündü. Sübh namazı vaxtı yenidən saraya qayıtdı. Əmir gecəni rahat keçirsə də, səhərə yaxın onun halı yenidən pisləşmişdi…
Gənc həkim növbəti müayinədən sonra hökmdara hazırladığı dərmanı içirdi, bundan başqa, ciddi rejim təyin etdi. Müalicə nəticə verdi. Bir müddət sonra əmir ölüm yatağından qalxdı.
Bu uğuruna görə İbn Sinanı yaxşıca mükafatlandırmaq istədilər. Şəxsən əmir Rza Nuhun özü ondan soruşdu: «Nə istəyin varsa, çəkinmə, söylə, dərhal yerinə yetirim».
Gənc Hüseyn cəsarətini toplayıb çoxdandır qəlbinin dərinliklərində gəzdirdiyi ən böyük arzusunu dilə gətirdi: hökmdardan onu öz kitabxansına buraxmağı xahiş etdi. Xahişini dilə gətirdikdən sonra isə başını qaldırıb əmirin üzünə baxmağa qorxdu ki, onun qəzəbli nəzərlərini görməsin. Axı o vaxtlar bir hökmdarın kitabxanasına nəinki ayaq basmaq, bunu ağlından belə keçirmək heç kəsin həddi deyildi.
Hüseyn əmirin əsəbiləşərək özündən çıxacağını gözlədiyi bir vaxtda Rza Nuhun yumşaq səs tonu ilə dediyi bu sözləri eşitdi: «Saray həkiminə belə bir icazəni vermək olar. O nə qədər çox oxuyub öyrənərsə, bizim xeyrimizədir…»
Beləcə, həmin gündən İbn Sina saray həkimliyinə qəbul edildi və hökmdar kitabxanasına giriş icazəsi aldı. Əslində, onun sarayda işləmək təklifini qəbul etməsinin səbəbi də elə həmin icazə idi: Hüseyn bu zəngin kitabxana sayəsində daha çox bilgi əldə etmək istəyirdi.
Samanilər kitabxanasında
Hüseyn Samanilər kitabxanasına qədəm qoyduğu ilk günü ömürboyu unutmayacaqdı. Onun qarşısında qədim kitablar və əlyazmalarla, müasir əsərlərlə zəngin nəhəng bir dünya açılmışdı! İki yüz il boyunca saysız-hesabsız qiymətli kitabın, əlyazmanın toplandığı həmin kitabxananın öz dövrü üçün dəyərini anlatmaqda sözlər acizdir.
Kitabxanadan istifadə etmək üçün 17 yaşlı İbn Sinaya hökmdar möhürü ilə təsdiqlənmiş xüsusi icazə kağızı verilmişdi.
Hüseyn günlərinin çoxunu burada keçirir, sandıqlara yığılmış kitablarla, əlyazmalarla bircə-bircə tanış olurdu. Qısa vaxtda onun heç bir şübhəsi qalmadı ki, bu bər-bəzəksiz, taxta sandıqlarda dünyanın ən qiymətli xəzinələri yatır. Həmin kitablar, əlyazmalar arasında kimin əsərləri yox idi? IX əsrin ikinci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas İbn Rüstənin, X əsr səyyahı və alimi Əbu-Tahir Tayfurinin, İran əsilli tarixçi əl-Balazurinin (820–892), görkəmli coğrafiyaçılar əl-İstəhrinin (850–957) və İbn Havkalın (943–988)… Üstəlik, riyaziyyata, astronomiyaya, bitki və heyvanat aləminə dair saysız-hesabsız kitablar! Bu kitablardan və müəlliflərdən bəzilərinin adları ilə Hüseyn ilk dəfə qarşılaşırdı.
Kitabxanada tibbə dair kitabların saxlandığı ayrıca otaq var idi. Hüseyn həmin otaqda daha çox vaxt keçirirdi. Buradakı sandıqlarda gənc İbn Sina adlarını Qumridən eşitdiyi, yaxud başqa əsərlərdən oxuduğu qiymətli kitablara rast gəlir, sevinci və həyəcanı birə beş artırdı. Düzdür, bəzən ara həkimlərinin, türkəçarələrin əsərlərinə də rast gəlirdi. Həmin əsərləri mötəbər mənbə hesab etməsə də, onlara göz atmağı unutmurdu. Məsələn, bir dəfə Hüseynin diqqətini qalın bir kitab cəlb etdi. Kitabda qiymətli daş-qaşların müalicəvi xüsusiyyətlərindən bəhs olunurdu. Müəllif ölümün caynağından həmin qiymətli daşlarla xilas olan şahların, sultanların, xəlifələrin siyahısını vermişdi. Bu siyahını gördükdə Hüseynin yadına ölüm yatağından qaldırdığı əmirin taxtı yanındakı kətil üzərinə səpilmiş daş-qaşlar düşdü. Həmin daş-qaşların oraya qoyulmasının səbəbini indi anladı və fikrə getdi: əgər daş-qaşlar, doğrudan da, belə möcüzəvi gücə sahibdirsə, onda tibb elminə, həqiqi həkimlərə, loğmanlara nə ehtiyac var?!
***
Hüseyn kitabxanadan ayrıla bilmir, evə nadir hallarda gedirdi. Onu axtaranlar da artıq gənc İbn Sinanı harada tapacaqlarını yaxşı bilirdilər. Hüseyn indi çağırışlara nadir hallarda gedir, kitabxanadan yalnız Samani əmirinin təcili işi olduqda çıxırdı.
Bir müddət sonra əmirin səhhəti yenidən pisləşdi. Odur ki Hüseyni hökmdarın yatağı başına tez-tez çağırmağa başladılar. Bu dəfə İbn Sinanın səyləri nəticə vermədi. 997-ci ildə əmir Rza Nuh vəfat etdi. Həmin ilin yazında taxta onun böyük oğlu Əbul-Haris Mənsur (II Mənsur) çıxdı. Yeni hökmdar əyan-əşrəfləri arasında gənc İbn Sinanı görməkdən çox məmnun idi. Ona xüsusi hörmət və diqqətlə yanaşırdı. Bunda təəccüblü heç nə yox idi: gənc həkimin şöhrəti getdikcə artır, yalnız bir loğman kimi yox, alim kimi də hamı tərəfindən hörmətlə qarşılanırdı. II Mənsur onu özünün əsas şəxsi həkimi təyin eləmiş, sarayda qalması və çalışması üçün İbn Sinaya xüsusi şərait yaratmışdı.
Yeni hökmdar cavan və sağlam Hüseynin işinə yarayırdı. Çünki II Mənsurun həkimə, demək olar, ehtiyacı yox idi. Bu isə İbn Sinaya öz elmi araşdırmalarını rahatca davam etdirmək imkanı verirdi. Başı kitablardan yalnız xəstə yanına gedəndə açılırdı. Ona görə də xəbəri yox idi ki, Buxaranın üstünü yenidən qara buludlar almaqdadır. Atası Abdullah isə gündən-günə daha da qayğılı görünürdü. Hər dəfə dostları onun evinə yığışanda söhbət Qaraxanilərin gizli hücum hazırlıqlarından və Qəznəvilər dövlətinin[18 - Qəznəvilər dövləti – 963–1186-cı illərdə Mavəraünnəhr, müasir Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş türk məmlük xanədanlığı. Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür. Bu şəhər indiki Əfqanıstan ərazisindədir.] hökmdarı Sultan Mahmud Qəznəvidən (971–1030) düşürdü. Onların öz aralarında danışdıqlarından belə aydınlaşırdı ki, Samanilər dövləti iki ciddi təhlükə ilə üz-üzədir…
II Mənsur isə xalq arasındakı narahatlıqlardan xəbərsiz şəkildə hakimiyyətini davam etdirirdi. O, Buxara ətrafındakı sarayında kef içində yaşayırdı. Tez-tez hay-küylü ziyafətlər təşkil olunur, gənc əmir bu ziyafətlərə Hüseyni də çağırtdırırdı.
Aradan bir müddət də keçdi. Artıq 999-cu il idi.
Bir dəfə gecəyarı II Mənsurun əyanları İbn Sinanı yuxudan qaldırdılar. Bildirdilər ki, əmirin halı xarabdı, təcili özünü çatdırsın. Hüseyn həyəcanlı şəkildə şəhər ətrafındakı saraya gəldi. Lakin onu içəri buraxmadılar. Sarayın qapısındakı yüzbaşı əsəbi şəkildə dedi: «Sənlik burada iş yoxdur. Sarayda başqa həkimlər var». İbn Sina çarəsiz şəkildə Buxaraya qayıtmalı oldu. Ertəsi gün şəhər məscidinin minarəsindən əmirin atdan yıxılaraq öldüyü, taxta isə qardaşı Əbdülməlik ibn Nuhun (II Əbdülməlik) çıxdığı elan edildi. Günortaya yaxın isə camaat arasında söz yayıldı ki, Mənsur sui-qəsd qurbanı olub.
Hüseyn hər şeyi anladı: əmirin səhhətinin niyə qəfil pisləşdiyini də, nə üçün özünün saraya buraxılmadığını da…
Gənc əmir Əbdülməlik taxtda yencə oturmuşdu ki, böyük bir təhlükə ilə üz-üzə gəldi. Qaraxanilərin hökmdarı Toğan xanın Buxara üzərinə yürüşə çıxdığı məlum oldu.
Əbdülməlik şəhəri müdafiə edə bilmədi. Beləliklə, Toğan xanın ordusu, demək olar, heç bir ciddi müqavimətlə üzləşmədən Buxaranı ələ keçirdi. Yanğınlar, qətllər, talanlar şəhəri bürüdü. Varlılar bütün mal-mülklərini qoyub qaçdılar. Qaça bilməyənlər isə əsasən yoxsullar idi və onlar da öz daxmalarının qapılarını arxadan bağlayaraq qorxu içində başlarına nə gələcəyini gözləyirdi.
Şəhəri tərk etməyərək həyəcanla öz aqibətini gözləyənlərin arasında Hüseyn də var idi. Bütün gün evin içində var-gəl eləyirdi. Atası nəinki ona, ailə üzvlərindən heç kimə evdən bayıra addım atmağa icazə vermirdi.
Nəhayət, bir gün axşam çağı Hüseyn dözə bilməyib evdən çıxdı. Şəhərin Rehistan adlanan baş meydanı Qaraxani əsgərləri ilə dolu idi. Sarayın dörd bir tərəfində əlisilahlı qarovulçular gəzişirdi. Buxaranın ələ keçirildiyi gün yandırılan saray hələ də tüstülənirdi. Saray xidmətçiləri adda-budda alışan yerlərə su səpirdilər. Onların arasında əynində yarıyanmış xalat olan kitabxanaçı da vardı. Hüseyni dərin məyusluq bürüdü. Anladı ki, sarayla bərabər içində minlərlə qiymətli kitabın, əlyazmanın olduğu kitabxana da külə dönüb.
İbn Sinanı elə bil ayaqlarından yerə mismarlamışdılar: uzun müddət heykəl kimi lal-dinməz dayandı. Bir xeyli keçəndən sonra ailə üzvlərinin ona görə narahatlıq keçirəcəklərini düşünüb üzgün addımlarla evə döndü. Yolboyu düşünürdü ki, bundan sonra yalnız bir şeyə arxalana bilər – öz yaddaşına! Çünki hər biri qiymətli xəzinə olan kitablar, əlyazmalar artıq yox idi.
İbn Sina hafizəsini qurdalamağa başladı və heyrətə gəldi: hansı kitabı yadına saldısa, onu, az qala, əzbərlədiyinin fərqinə vardı. Qəlbi bir az rahatladı. Ancaq bu rahatlıq ötəri idi. Yadına düşdü ki, Samanilər kitabxanasında hələ oxumağa macal tapmadığı o qədər dəyərli əsər var idi! Artıq həmin əsərləri oxumaq mümkünsüz idi. İbn Sinanı yenidən qüssə bürüdü.
Bu baş verənlərdən təxminən iki il öncə iki qonşusu eyni vaxtda Hüseynə maraqlı bir təklif vermişdilər. Həmin vaxt Hüseynin ayağı Samanilər kitabxanasına təzəcə açılmışdı. Qonşulardan biri – ixtiyar Əbülhəsən əl-Arudi idi. Elmə, biliyə çox həvəsli olan bu adam dünyanın bir çox ölkələrini gəzmiş, saysız-hesabsız alim-üləmalarla söhbət etmişdi. Üstəlik, öz dövrünə görə güclü mütaliəsi var idi. Bununla belə, əl-Arudinin ən böyük arzusu Samanilərin kitabxanasına baş çəkmək, oradakı dəyərli əsərlərin ən azı bir hissəsini oxumaq idi. Lakin bu, təbii ki, Əbülhəsənə heç vaxt qismət olmamışdı. Bir gün əl-Arudi gənc İbn Sinanın həmin kitabxanaya giriş icazəsi aldığını öyrəndi. Bundan sevincək olub Hüseynin yanına gəldi, onu kitabxana barədə xeyli sorğu-sual edəndən sonra xahiş etdi ki, orada oxuduğu kitablardan öyrəndiyi məlumatları qələmə alsın. Daha dəqiq desək, həmin məlumatları bir və ya bir neçə kitabda ümumiləşdirsin.
İndi, kitabxananın yandığını görəndən sonra İbn Sinanın yadına əl-Arudinin həmin xahişi düşdü. Evə çatanda ixtiyar qonşusu ilə rastlaşdı. Əl-Arudi ondan yanğın barədə eşidəndə bərk sarsıldı. İki il öncəki təklifini xatırladaraq dedi: «Oğlum, hələ də gec deyil… O kitabxanadakı kitablardan, əlyazmalardan oxuyub öyrəndiklərin əsasında yeni kitablar yaza bilərsən. Beləcə, yandırılmış kitabların, əlyazmaların ən azından bir hissəsi yaşamağa davam edər, gələcək nəsillər onlardan agah olarlar. Yaz, oğlum! Əmin ol ki, nə qədər ömrüm var, yazacağın kitabın əlyazmasını çoxaltmağa sərf edəcəm. Lazım gəlsə, bu işə katibləri[19 - Katib – burada: başqasının sifarişi ilə mətn tərtib edən və ya əsərlərin üzünü köçürən şəxs] qoşacağam».
Əl-Arudinin bu sözləri Hüseyni ruhlandırdı və o, böyük həvəslə ilk əsəri üzərində işləməyə başladı. «Seçilmişlər» adlandırılan həmin kitabda gənc İbn Sina riyaziyyat istisna olmaqla digər bütün elmlərə dair oxuyub-öyrəndiklərini cəmləmişdi. Kitabı yazarkən Hüseynin bircə köməkçisi vardı, bu da onun yaddaşı idi.
Qeyd edək ki, gənc İbn Sina bu kitabda Samanilər kitabxanasında saxlanılan əsərlərdən əxz etdiyi bilgiləri ümumiləşdirməklə kifayətlənsə də, digər kitabında öz müstəqil fikir və düşüncələrinə də yer vermişdi. Söhbət başqa bir qonşusu – Buxaranın tanınmış şəriət hüquqçularından olan Əbubəkr əl-Barkinin təklifi ilə yazdığı əsərdən gedir. Belə ki, əl-Barki Hüseynə fiqh elminə dair müxtəlif kitablara şərh və Qurana təfsir yazmağı təklif etmişdi. Həmin təklifi də həvəslə qəbul edən İbn Sina, nəticədə ilk böyük əsəri olan və az qala iyirmi cildə çatan «Yekun və nəticə»ni qələmə aldı. Bunun ardınca isə o, etika məsələlərinə həsr olunmuş «Savab və günah kitabı» əsərini ərsəyə gətirdi. Lakin maraqlıdır ki, Əbubəkr əl-Barki həmin əsərləri nə bir kimsəyə göstərdi, nə də üzünü köçürtməyə verdi. O qorxurdu ki, fiqh alimi və təfsirçi kimi qazandığı şöhrət bu kitablar yayıldıqdan sonra iyirmi yaşlı İbn Sinanın kölgəsində qalar.
Ən qəribəsi isə o idi ki, Əbubəkr müxtəlif mübahisələr, müzakirələr zamanı Hüseynin əsərlərindəki fikirlərdən faydalanır, üstəlik, çox vaxt onları öz fikri kimi təqdim edirdi. Bu isə İbn Sinada yalnız təbəssüm doğururdu…
Həmin günlərdə İbn Sinanın atası ağır xəstələndi və ölüm yatağına düşdü. Bu zaman Buxarada vəziyyət yenidən gərginləşdi. Samani xanədanından olan İsmayıl əl-Müntəsir Buxaranı ələ keçirdi. Onun istəyi Samani dövlətini bərpa etmək idi. Bu hadisədən sonra Buxaranın ağır günləri yenidən başladı: hər hakimiyyət dəyişikliyində olduğu kimi, şəhəri yanğın və talanlar bürüdü. Baş verənlər Abdullahın səhhətini bir az da ağırlaşdırdı: sevimli şəhərində yaşananlar xəstəyə pis təsir edir, onu həyəcanlandırır və kədərləndirirdi.
İbn Sinanın atasını sağaltmaq üçün cəhdləri heç bir nəticə vermədi: Abdullah dünyadan köçdü. Böyük bir ailənin yükü iyirmi yaşlı Hüseynin üstünə düşdü. Bu, İbn Sina üçün böyük məsuliyyət və sınaq idi, çünki indiyədək məişət məsələlərindən uzaq olmuşdu, bütün meylini, marağını elmə, bilgiyə yönəltmişdi…
İbn Sina Xarəzmdə
Bir yandan atasının ölümü, digər tərəfdən isə Buxarada hökm sürən ab-hava gənc İbn Sinanı dərin düşüncələrə qərq etmişdi. Qədim şəhər öz simasını sürətlə itirirdi: ona qorxu hakim kəsilmişdi. Yerli əhali arası kəsilməyən hakimiyyət dəyişikliklərindən yorulmuş, əldən düşmüşdü. Öz həyatlarına və mallarına görə əndişə keçirən tacirlər belə Buxaradan üz döndərirdilər. Onlar dinclik axtarırdılar, odur ki Buxarada qalmaqdansa, Bulqara, Ürgəncə, Səmərqəndə yollanmağı üstün tuturdular. Şəhər bazarında bir zamanlar quş südü belə axtarsan tapardın, indi isə o boşalmış və kasıblamışdı. Sənətkarlar həvəssiz işləyirdilər, çünki öz mallarına alıcı tapacaqlarına zərrəcə ümidləri qalmamışdı. Bircə Buxara məscidlərində bir gün də olsun ibadətə ara verilmirdi. Şəhər mollaları heç vaxt özlərini belə təkəbbürlü və müstəqil aparmamışdı. Bunun da səbəbi var idi. Buxara növbəti dəfə Qaraxanilərin nəzarətinə keçmişdi. Şəhər mollaları bilirdilər ki, bu türk dövləti Bağdad xəlifəsinin, ümumiyyətlə isə sünni məzhəbinin başlıca dayağıdır. Ona görə də özlərini əvvəlkindən daha güclü hesab edirdilər.
İbn Sina və onun ailəsinin Buxaradakı tanışları getdikcə azalırdı. Hüseyn mərhum atasının qərməti dostlarına indi nadir hallarda rast gəlirdi. Əli-ayağı tutanlar şəhəri tərk edib Xarəzmə yollanmışdılar.
Sadalananlar azmış kimi, Buxarada Hüseynin qardaşı Mahmuda qarşı münasibət getdikcə kəskinləşirdi. Bu da səbəbsiz deyildi. Onun qərmətilərlə əlaqəli olduğundan şübhələnirdilər. Hüseyn bilirdi ki, həmin şübhələr güclənərsə və günlərin bir günü öz təsdiqini taparsa, bu bütün ailəni təhlükə altında qoyacaq. Odur ki ailəlikcə Buxaradan köçmək qaçılmaza çevrilirdi.
Beləliklə, xeyli götür-qoyda sonra 1002-ci ildə Hüseynlə Mahmud digər ailə üzvləri ilə birlkdə Buxaradan Xarəzmə köçdülər…
***
İbn Sinagili daşıyan karvan Ürgəncin gözəlliyi ilə ad çıxaran və «əl-Xəcac» kimi tanınan şəhər qapılarından keçəndə Hüseynin içindəki qüssə dağıldı. O artıq rahat nəfəs ala bilərdi. Təhlükə, çətinlik arxada qalmışdı.
Gənc İbn Sinanın şöhrəti Xarəzmədək gəlib çatmışdı, odur ki paytaxt Ürgəncə gəldikdən cəmi bir neçə gün sonra onu Xarəzm hökmdarı (xarəzmşah) özü şəxsən qəbul etdi. Hüseyni Buxaranın son durumu ilə bağlı sorğu-sual etdikdən sonra böyük hörmətlə yanaşdığı Samanilərin kədərli taleyindən üzgünlüyünü dilə gətirdi. Sonda isə xarəzmşah İbn Sinaya sarayındakı üləmalar məclisinə qatılmağı təklif etdi. Bu təklif gənc alim üçün böyük şərəf idi, ona görə də məmnuniyyətlə razılaşdı.
Ticarət yollarının qovuşacağında yerləşən və adının mənası «Günəş ölkəsi» olan Xarəzm Orta Asiyada (indiki Özbəkistan, Qazaxıstan və Türkmənistan) tarixi-coğrafi ərazidir. Bu ərazi hələ qədim zamanlardan böyük ticarət mərkəzi hesab olunurdu. Şərq və Qərblə geniş əlaqələri Ürgənci iri bazara çevirmişdi. Buraya yüzlərlə fərsəh[20 - Fərsəh – 1 fərsəh təxminən 33–34 kilometrə bərabərdir.] uzaqdan tacirlər gəlirdi. Xarəzm bazarlarında nə istəsən və nə qədər istəsən tapa bilərdin. Xarəzmdən Bulqara – türk çöllərinə, Kiçik Asiya ölkələrinə, Çinə, İrana karvanlar işləyirdi.
Bununla belə, Xarəzmin əsas gəlir mənbəyi qul alveri idi. Tacirlər əsir düşən oğlan uşaqlarını və yeniyetmələri buradan alıb digər bölgələrin əmirlərinə, hökmdarlarına satırdılar. Həmin qullardan orduda döyüşçü kimi istifadə olunurdu. Onların sayəsində əmirlər, hökmdarlar əsgərlərinin sayını qatbaqat artırırdılar. Nisbətən yaşlı qullar isə təsərrüfat işlərində, tikintidə, suvarmada çalışdırılırdı.
Xarəzmdə qadın qullara da rast gəlmək olardı. Onlar arasında sarısaçlı, ağ dərili slavyanlardan tutmuş, qıvrım saçlı, qara dərili nubiyalılara[21 - Nubiya – Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə] qədər müxtəlif etnik qruplara məxsus qız-gəlinə rast gəlmək mümkün idi. Qadın qulların qiyməti gözəlliyinə, sağlamlığına, bacarığına və yaşına görə müəyyənləşdirilirdi.
Hüseynin ilk günləri Ürgənci tanımaqla keçdi. O, şəhərin qaynar həyatı ilə yaxından maraqlanır, təkcə müşahidələrlə kifayətlənmir, eyni zamanda insanlarla həmsöhbət olmağa çalışır, onlardan əlavə məlumatlar toplayırdı. İbn Sinanın bu söhbətlər nəticəsində gəldiyi qənaət belə oldu: xarəzmlilər arasında savadlı, bacarıqlı və istedadlı adamlar kifayət qədər çoxdur. Ürgənc isə yalnız iqtisadi baxımdan deyil, mədəni baxımdan da inkişaf etmiş şəhərdir. Həmin adamların çoxu ilə üləma məclisində yaxından tanış olan və onlara rəğbətini gizlədə bilməyən Hüseyn, Ürgəncə gəldiyi üçün hədsiz dərəcədə məmnun idi.
Müasir terminologiya ilə desək, akademiyanı xatırladan, elə tarixə də «Məmun Akademiyası» kimi düşən üləma məclisi yaratmaqda Xarəzm hökmdarı II Məmunun iki marağı var idi. Birincisi, öz hakimiyyətinin şöhrətini artırmaq və dayaqlarını möhkəmlətmək, ikincisi, özünü savadlı hökmdar kimi göstərmək istəyirdi.
İbn Sina elə ilk gəlişindəcə üləma məclisindən çox razı qaldı. Məclis üzvləri gənc buxaralını, az qala, çoxillik tanışları, hətta doğma adamları kimi qarşıladılar. Bunun da səbəbi var idi: xarəzmli alimlər onun barəsində çox eşitmişdilər. İbn Sinanın cavan olmasına baxmayaraq dərin biliyə və böyük istedada sahib olduğundan xəbərdar idilər. Elə Hüseynin də üləma məclisi üzvləri arasında qiyabi tanıdıqları az deyildi. O, buradakı alimlərin bir çoxunun əsərlərinə Samanilərin saray kitabxanasında rastlamışdı. Həmin alimlər arasında görkəmli riyaziyyatçı Əbu-Nəsr Ərraq (?–1034), dövrünün məşhur həkimlərindən Əbülxeyr əl-Həmmar, tanınmış tarixçi İbn Miskaveyx (940–1030) və başqaları var idi.
Ümumiyyətlə, Xarəzmə gəldiyi ilk illər İbn Sina üçün rahat keçmişdi. O özünü xoşbəxt hesab edirdi. Üləma məclisindəki elmi müzakirələr gənc alimin bu xoşbəxtliyinin əsas səbəbi idi. Tədricən utancaqlığın daşını ataraq həmin müzakirələrə həvəslə qoşulan Hüseyn özünü suda balıq kimi hiss edirdi. Çünki çoxdan arzuladığı mühitə düşmüşdü. Ətrafında yalnız bilikli, savadlı adamlar var idi. Onları da İbn Sinanın özü kimi elmi məsələlərdən başqa heç nə düşündürmürdü…
Bir müddət sonra Xarəzm hökmdarı Hüseynə yeni qanunlar toplusu hazırlamağı tapşırdı. İbn Sina işə başladı. Çox əhəmiyyətli məsələ olduğundan qanunların hazırlanmasına Xarəzm hökmdarı ilə onun vəziri şəxsən nəzarət edirdi. Lakin çox keçmədən İbn Sina ciddi maneə ilə üzləşdi. Belə ki, Xarəzmin Fəqihlər[22 - Fəqihlər – fiqh elmi ilə məşğul olan şəxs] şurası şəriət hüququnu bütün incəliklərinə qədər bilən, lakin qatı mühafizəkar olan şəxslərdən ibarət idi. Onların əksəriyyəti nəinki mövcud qayda-qanunların cüzi də olsa dəyişdirilməsinə razılıq verir, hətta bu barədə eşitmək belə istəmirdilər. Odur ki Hüseynin yeni qanun təkliflərinə qarşı idilər. Lakin onu da qeyd etmək lazımdır ki, Fəqihlər şurasının mühafizəkar üzvləri yaşca gənc buxaralıdan böyük olsalar da, onun biliyindən çəkinirdilər. Bu isə İbn Sinada belə bir inam yaratmışdı ki, o, Xarəzmin köhnəlmiş, dövrlə ayaqlaşmayan qanunlarını asanlıqla dəyişdirə bilər. Yeri gəlmişkən, böyük alim bu sadəlövh inamını sonralar təbəssümlə xatırlayacaqdı…
İbn Sinanın fikrincə, hər hansı köhnə ənənəni dəyişmək üçün böyük əziyyətə ehtiyac yox idi. Adi məntiq belə burada köməyə çata bilər. Əgər təklif etdiyin dəyişiklik ağlabatandırsa, heç kim ona qarşı çıxmayacaq. Gənc buxaralının bu sadədilliyinə təəccüblənməmək lazımdır. O, hələ çox cavan və bir çox məsələlərdə hədsiz təcrübəsiz idi.
Beləliklə, Hüseyn öncə yeni qanunlar toplusunun təməlini təşkil edəcək müddəalar barədə geniş və əhatəli bir məruzə hazırladı. Lakin onu Fəqihlər şurası üzvlərinə çatdıra bilmədi. Çünki toplantının elə əvvəlindəcə bir neçə nəfərin uzun-uzadı çıxışına görə narazılıq yarandı, bu narazılıq böyüyüb əməlli-başlı qarışıqlığa çevrildi. Şura üzvləri bir-birini cahillikdə ittiham etməyə başladılar. Ara getdikcə qızışırdı. Axırda iş o yerə çatdı ki, qoca fəqihlərdən biri qeyzə gələrək qalın bir kitabı götürüb təxminən özü yaşda olan üləmanın kəlləsinə çırpdı. Bunun ardınca qoca fəqih hirsindən, digəri isə zərbənin təsirindən huşunu itirib yerə sərildi. Hüseyn məruzəni bir kənara qoyub onları özünə gətirməklə məşğul oldu…
Bəs İbn Sinanın hazırladığı qanunlar toplusunun əsasında nə dayanırdı?
Gənc buxaralının fikrincə, o vaxtadək qüvvədə olan qanunların əsasını, Quran ehkamlarına etinasızlıq göstərmək təşkil edir. Şəriət hakimləri oruc tutub namaz qılmayanların, həccə getmək istəməyənlərin hamısını ən ağır formada cəzalandırmağa, məsələn, başlarını kəsməyə hazır idilər. Halbuki daha ağır cinayətlər çox vaxt cəzasız qalırdı. Ona görə də İbn Sina şəriət məhkəməsi ilə yanaşı dünyəvi məhkəmənin qurulması tərəfdarı idi. Bu arzu onun qəlbində hələ fiqhlə maraqlanmağa başladığı vaxtlardan yaranmışdı. Dünyəvi məhkəmələr qanunları pozan hər kəsi şəriət qaydaları ilə yox, elə həmin qanunlar əsasında cəzalandırmalı idi. Üstəlik, bu cəzalar kimisə bir səhv hərəkətinə görə dərhal edam etməyə, yaxud şikəst qoymağa yox, onu islah eləməyə yönəlməli idi.
Əvvəl də yazdığımız kimi, İbn Sinanın bu cür yanaşmasını mühafizəkar üləmalar, fəqihlər, şübhəsiz ki, müsbət qarşılaya bilməzdilər. Onlar Hüseyni dərhal kafir elan edər və ən yaxşı halda Xarəzmdən rüsvayçılıqla qovardılar. Gənc buxaralı bunu anladıqda öz sadəlövh inamından əl çəkdi. Qərara gəldi ki, fikirlərini Fəqihlər şurasında dilə gətirmək əvəzinə Xarəzm hökmdarının vəziri Süheyli ilə bölüşsün. Belə də etdi. İstəyini, məramını vəzirə açıq şəkildə danışdı. İbn Sina onu diqqətlə dinləyən Süheyliyə bildirdi ki, hər bir qanun ilk növbədə ədalətin bərqərar olmasına xidmət etməlidir. Üstəlik, qanunlar yalnız seçilmiş adamların haqlarını qorumamalıdır, bütün xalqın mənafeyinə yönəlməlidir. «Dövlətin taleyi xalqın necə yaşamasından asılıdır. Əgər xalq yoxsuldursa, acdırsa, haqqı əlindən alınırsa, onun yeganə müdafiəsi mollaların rəyidirsə, onda təəccüblü deyil ki, dövlətin təməlləri sarsılacaq, axırda bir təca-vüzkara yem olacaqdır» – İbn Sina sonradan bir çox əsərlərində tez-tez dilə gətirdiyi və öz dövrünə görə olduqca mütərəqqi sayılan bu fikirləri Xarəzm şahının vəzirinə söyləməkdən çəkinməmişdi.
Olduqca ağıllı, geniş dünyagörüşlü biri olan Süheyli gənc buxaralıya sonadək səbrlə, ehtiramla qulaq asmış, fəqihlərdən fərqli olaraq onun fikirlərinə hörmətlə yanaşmışdı. Lakin indiyədək bir sual açıq qalır: İbn Sinanın təklif etdiyi qanunların aqibəti necə oldu, onlar qəbul edilib qüvvəyə mindimi? Bu suala dəqiq, birmənalı cavab vermək mümkün olmasa da, önəmli bir məqamı vurğulamaqda fayda var: araşdırmalar göstərir ki, müəyyən müddətdən sonra Xarəzmdə hökm sürən qayda-qanunlar qonşu ölkələrin qanunlarından daha yumşaq, daha ədalətli idi. Hətta iş o yerə çatmışdı ki, məhz bu səbəbdən vaxtilə Samanilərin nəzarətində olan yerlərin əhalisi Xarəzmdə yaşamağa can atırdılar…
Bir də o məlumdur ki, haqqında danışdığımız qanunlar toplusu ilə bağlı üzləşdiyi çətinliklər İbn Sinaya dərs oldu. O, ilk fürsətdə qanunşünaslığın daşını atıb tibbə və fəlsəfəyə qayıtdı. Gənc buxaralı öz gələcəyini bu iki elmdə görürdü…
İbn Sinanın arzuları
Günlər keçdikcə Hüseynin həkimlik həvəsi də artırdı. O, Samanilər kitabxanasında tibbə dair oxuduğu kitablar və əlyazmalar əsasında yazmağa başladığı əsəri də məhz Ürgəncdə bitirdi. İstisna deyil ki, həmin əsərin ərsəyə gəlməsində üləmalar məclisində tanış olduğu əl-Həmmar kimi dövrünün görkəmli təbibinin də rolu az olmayıb. Bundan başqa, Xarəzm kitabxanasından faydalanması da mümkündür. Hər halda, yeni əsərini bitirdikdən sonra İbn Sina yenidən əməli işə yönəldi. Ürgəncdə digər loğmanların sağaltmağa çətinlik çəkdiyi bir neçə ağır xəstəni ayağa qaldırdı. Bundan sonra onun şöhrəti daha da artdı. Buxarada olduğu kimi, Xarəzmdə də ən təcrübəli həkimlərin dərdinə dərman eləyə bilmədiyi xəstələr olduqda Hüseynə üz tuturdular. Onun loğmanlıq bacarığı ilə yanaşı xoş xasiyyəti, xeyirxahlığı, gözütoxluğu dillər əzbərinə çevrilmişdi.
Zaman ötür, İbn Sinanın yanına gələn xəstələrin sayı durmadan artırdı. İş o yerə çatmışdı ki, səhhətindən heç bir şikayəti olmayanlar da onun qapısını döyürdülər. Belələrinin niyyəti İbn Sinanın şagirdi ola bilmək idi. Müxtəlif yaş qruplarına məxsus olan bu adamları tibbə həvəsləndirən nə idi? Bu suala cavab olaraq müxtəlif səbəblər göstərmək olar: kimini elmə hədsiz marağı, kimini loğmanlıq öyrənib pul qazanmaq həvəsi, kimini də sadəcə İbn Sinaya yardımçı olmaq arzusu onun qapısına gətirirdi.
Hüseyn insanların niyyətlərini sorğu-sual eləmədən şövqlə öyrədirdi: onlara xəstələri müayinə və müalicə zamanı kənardan müşahidə aparmağa icazə verir, boş vaxtlarında isə bu adamlara mühazirələr oxuyurdu. Bax beləcə, günlərin bir günü İbn Sina özündə müəllimlik qabiliyyəti kəşf etdi! Bir müddət sonra onun şagirdlərindən bəzilərinin yaxşı sorağı gəlməyə başladı. Bu, İbn Sinanı daha da həvəsləndirdi. O, gecələr tibbə dair dərs vəsaitləri, tibbi mövzularda traktatlar[23 - Traktat – ictimai-fəlsəfi mövzuda mühakimə xarakterli elmi əsər] yazır, şagirdlərinin işini asanlaşdırmaq, biliklərini dərinləşdirmək məqsədi ilə müxtəlif xəstəliklərə dair əlamətlərin təsvirindən tutmuş, ayrı-ayrı dərmanların təyin edilməsinə və qəbulunadək vacib məlumatlardan ibarət kitablar hazırlayırdı.
İş o yerə çatdı ki, Ürgəncin elmə, bilgiyə həvəs göstərən gənclərinin çoxu İbn Sinanın yanına axışmağa başladı. İndi onları yalnız tibb yox, fəlsəfə, riyaziyyat, tarix, coğrafiya və başqa elmlər də maraqlandırırdı. Bu gənclər Hüseynin ayrı-ayrı elmlərə dair dərin biliklərə sahib olduğunu bilir, ondan öyrənməyə çalışırdılar. «Kaş Ürgəncdə də, heç olmasa, Buxaradakı Fərcək mədrəsəsi kimi bir məktəb olaydı» – vəziyyəti belə görən İbn Sina ürəyində tez-tez belə deyirdi. Mühazirələrinə gələnlərin sayı artdıqca onun məktəb açmaq arzusu bir az da alovlanırdı. Lakin başa düşürdü ki, bu arzusunu təkbaşına gerçəkləşdirə bilməz. Mədrəsə tipli məktəb üçün ayrı-ayrı otaqları – hücrələri olan böyük bina lazım idi. Bundan başqa, məktəbin xərclərini ödəmək üçün yüksək məbləğdə maddi vəsait tələb olunurdu. Düzdür, İbn Sina bir neçə dəfə istəmişdi ki, Xarəzm hökmdarından kömək istəsin. Lakin dərhal da bu fikrindən daşınmışdı. O qorxurdu ki, hökmdar sözünü yerə salar və qəlbi qırılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68289265) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Kovxa – keçmişdə bir çox Şərq ölkələrində kəndin inzibati işlərini idarə edən şəxs
2
İbn Sina – ərəbcədən tərcümədə «Sinanın oğlu» deməkdir. Abdullahın atasının adı Sina idi. Sonralar Abdullahın böyük oğlu Əbu Əli əl-Hüseyn də onu özünə soyad kimi götürmüş və elə bu soyadla məşhurlaşmışdır.
3
Müstövfi divanı – maliyyə işləri ilə məşğul olan dövlət idarəsi
4
Müdərris – müəllim, dərs verən adam
5
Qərmətilər – İsmaililiyin Fatimi xəlifələrini qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət
6
Natili – qədim yunan farmakoloqu və həkimi Pendius Dioskoridesin (M.ö. I yüzillikdə yaşamışdır) məşhur əsəri «De Materia Medika»nın ərəbcə tərcüməsini redaktə edərək anlaşıqlı hala gətirmiş görkəmli alim. Həmin kitab əsrlər boyunca həkimlərin və farmakoloqların istinad etdikləri əsas mənbə olmuşdur.
7
Xoca – burada: ustad, müəllim, tərbiyəçi
8
Süd yolu – Günəş sisteminin də daxil olduğu qalaktika
9
Klavdi Ptolomey – 100–170-ci illərdə yaşamış yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu
10
«Almagest» – Ptolomeyin səma cismlərinin hərəkətindən və koordinatlarından bəhs edən kitabı. Ərəbcə «Əl-Məcisti» adlanır.
11
Buğra xan – Qaraxanilər dövlətinin «Satıq Buğra xan» kimi də tanınan IV xaqanı. 920–958-ci illər arasında hökmdarlıq etmişdir. 932-ci ildə İslamı qəbul edərək tarixdəki ilk müsəlman türk xaqanı ünvanını almışdır.
12
Hacib – türk əsilli sərkərdələrə verilən ad
13
Fərabi – təxminən 873 – 950-ci illərdə yaşadığı güman edilən məşhur türk alimi, filosof. Elmdə Aristoteldən sonra «İkinci müəllim» (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır
14
Təfsir – şərh, izah
15
Cindüşapur – hazırda İranın Xuzistan ostanında yerləşən qədim şəhər. Sasani hökmdarı I Xosrovun (501–579) bu şəhərdə tikdirdiyi fəlsəfə və tibb məktəbi sonralar böyük şöhrət qazanmışdı.
16
İsgəndəriyyə – Misirin Aralıq dənizi hövzəsində yerləşən bu qədim şəhər hələ antik dövrdən öz tibb məktəbi ilə bütün dünyada məşhur idi.
17
Əbdülmənsur Qumri – müasirləri arasında tibbin həm nəzəri, həm də praktik tərəfini dərindən bilən alim kimi tanınan görkəmli həkim. Buxarada anadan olmuş və bütün ömrünü orada keçirmişdir. Samani hökmdarlarından böyük hörmət-izzət görmüşdür. Günümüzə iki əsəri gəlib çatmışdır: «Arzu olunan və kifayət edən kitab» və «Tibb terminlərini izah edən kitab».
18
Qəznəvilər dövləti – 963–1186-cı illərdə Mavəraünnəhr, müasir Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş türk məmlük xanədanlığı. Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür. Bu şəhər indiki Əfqanıstan ərazisindədir.
19
Katib – burada: başqasının sifarişi ilə mətn tərtib edən və ya əsərlərin üzünü köçürən şəxs
20
Fərsəh – 1 fərsəh təxminən 33–34 kilometrə bərabərdir.
21
Nubiya – Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə
22
Fəqihlər – fiqh elmi ilə məşğul olan şəxs
23
Traktat – ictimai-fəlsəfi mövzuda mühakimə xarakterli elmi əsər