Yer üzündə axırıncı gecə

Yer üzündə axırıncı gecə
Həmid Piriyev
Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri” və “Qarışqa tapdalamayan”), yeddisi “Sərçələr üçün poema” kitabımda (“Abşeron hekayələri” bölməsindəki hekayələr) çap olunmuşdu. Axırıncı iki hekayəni isə (“Məryəm xalanın oğlu” və “Yer üzündə axırıncı gecə”) kitablar çap olunandan sonra yazdığım hekayələrdən seçmişəm. Hekayələrin hamısını təzədən gözdən keçirdib redaktə etmişəm. Amma xüsusi dəyişiklik yoxdur. Kobud dil xətalarını düzəltməyə çalışmışam bircə (o vaxt yazanda daha çox şifahi nitqə əsaslanmışdım). Bu hekayələri yazanda çox şeyi bilmirdim. Amma təbii, nöqsanlar hələ də qalıb. Çünki hələ də bilmədiyim şeylər var. Hər halda, bu hekayələr mənə çox əzizdir. Onları yazdığım vaxt aralığında (söhbət kitablarımda çap olunan hekayələrdən gedir; iyirmi üç-iyirmi yeddi yaş arası yazmışam onları) bir az başqa cür adam idim, düşüncələrim başqa idi, ədəbiyyata baxışım başqa idi. Əslinə qalsa, o vaxtlar hələ ədəbiyyatın, hekayə yazmağın nə olduğunu bilmirdim. Heç indi də tam dəqiqliyiylə bilmirəm, amma hər halda savadım və biliyim o vaxtkından az da olsa artıb və bu inkişaf da (yəqin inkişaf deməklə səhv etmirəm) o hekayələr kimi hekayə yazmağıma mane olur. Hə, daha o cür yaza bilmirəm.
Onda bu kitabı da həsr edək o hekayələri yazan Həmidə…

Həmid Piriyev

Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri” və “Qarışqa tapdalamayan”), yeddisi “Sərçələr üçün poema” kitabımda (“Abşeron hekayələri” bölməsindəki hekayələr) çap olunmuşdu. Axırıncı iki hekayəni isə (“Məryəm xalanın oğlu” və “Yer üzündə axırıncı gecə”) kitablar çap olunandan sonra yazdığım hekayələrdən seçmişəm. Hekayələrin hamısını təzədən gözdən keçirdib redaktə etmişəm. Amma xüsusi dəyişiklik yoxdur. Kobud dil xətalarını düzəltməyə çalışmışam bircə (o vaxt yazanda daha çox şifahi nitqə əsaslanmışdım). Bu hekayələri yazanda çox şeyi bilmirdim. Amma təbii, nöqsanlar hələ də qalıb. Çünki hələ də bilmədiyim şeylər var. Hər halda, bu hekayələr mənə çox əzizdir. Onları yazdığım vaxt aralığında (söhbət kitablarımda çap olunan hekayələrdən gedir; iyirmi üç—iyirmi yeddi yaş arası yazmışam onları) bir az başqa cür adam idim, düşüncələrim başqa idi, ədəbiyyata baxışım başqa idi. Əslinə qalsa, o vaxtlar hələ ədəbiyyatın, hekayə yazmağın nə olduğunu bilmirdim. Heç indi də tam dəqiqliyiylə bilmirəm, amma hər halda savadım və biliyim o vaxtkından az da olsa artıb və bu inkişaf da (yəqin inkişaf deməklə səhv etmirəm) o hekayələr kimi hekayə yazmağıma mane olur. Hə, daha o cür yaza bilmirəm.
Onda bu kitabı da həsr edək o hekayələri yazan Həmidə…

Abşeron hekayələri

Sərçələr üçün poema
Sübh ayazı hələ özü görünməyən günəşin ilk şüalarıyla dabanbasma özünü çatdırmışdı. Dekabr acı üzünü göstərirdi…
Mirzə gözlərini açıb yerinin içində dikəldi, ən əvvəl çarpayının sağ tərəfindəki stulun üstündən dəftəri götürdü. Yaşıl üzlü, on iki vərəqli birmil məktəbli dəftəriydi, ortasından bir qoşavərəq çıxartmışdılar, indi onu qalmışdı. Mirzənin şairliyi də vardı və bir də görürdün gecə yatdığı yerdə birdən-birə durub otururdu, başlayırdı şeir yazmağa. Nabat uzun illərdi onun çarpayısının yanına stul, stulun üstünə dəftər-qələm, bir stəkan da su qoyurdu gecələr. Mirzə dəftəri vərəqlədi. Dəftər boş idi. Bu gecə də heç nə yazmamışdı. Mirzənin şairliyi həvəsdi, heç kənddə çox adam bilmirdi ki, şeir yazır. Özü dəmiryolçuydu, üç il qabaq təqaüdə çıxmışdı. Belə çox şeir yazmışdı, onların da çoxusu itib-batmışdı. Əldə-ovucda qalanı yığıb balaca kitabça çap etdirmişdi beş-altı il qabaq. İçində iyirmi üç dənə şeir, bir dənə də kiçik poema. Satış üçün nəzərdə tutulmayan, ancaq yaxın qohum-qardaşa payladığı əl boyda kitabça…
Durub üst paltarlarını geyinib şüşəbəndə çıxdı. Nabat odun sobasını qalamışdı, dəmiri qızaran soba çarthaçart yanırdı. İki armudu stəkan çay içib papiros çəkdi. Durub kürkünü geyindi.
– Gedim çörək alım.
Mirzə ev qapısından çıxanda arvadı səslədi:
– Duz da alarsan.
Mirzə bayıra çıxan kimi soyuq canına işlədi. Kürkünün yaxasını qaldırdı. Küçədə ins-cins gözə dəymirdi.
Dükanda da adam yox idi. Bircə satıcı işləyən qardaşı oğlu Rasimdi, o da piştaxtanın dalında əsdirirdi. Rəfdən çörək götürüb piştaxtanın qabağına gəldi.
– Əmi, sabahın xeyir.
– Ağabatın xeyir.
Rasim çörəyi torbaya qoydu.
– Əmi başqa?
– Başqa sağlığın… Hə, duz da ver.
– Hansından? Xörək duzu, ya narın duz?
Mirzə duruxdu bir az.
– Onu demədi. İkisindən də ver.
Mirzə başını döndərəndə yan tərəfdə qutunun içindəki hisə verilmiş çapaq balıqlarını gördü, dünən yox idi, ola bilər axşam gəlib. İndi bildi bayaqdan burnunu qıcıqlandıran nə iyidi.
– Balıq təzə gəlib?
– Hə, əmi. Yaxşı balıqdı.
– Bir dənə yekəsini çək. Haçandı südlü aş yemirik. Nabat bişirsin bu gün.
Rasim balıqların ən böyüyünü seçib çəkdi.
– Onda düyü də ver.
Rasim rəfdəki düyülərə baxdı.
– Hansından verim?
– Nə bilim, hansı yaxşıdı ondan ver.
Pulu verib bayıra çıxdı. Yenə ayaz sümüklərini sızıldatdı.
Evə girib aldıqlarını stolun üstünə qoydu.
– Təzə balıq gəlmişdi, nəfsim çəkdi. Günortaya südlü aş bişirərsən. Düyü də almışam.
– Həə, yaxşı. Onda süd də alarsan.
Bir stəkan da acı çay içdi. Çörək yemədi, iştahı yox idi. Yenə kürkünü geyindi.
– Süd almağa gedirsən?
– Hə.
– Gözlə banka verim.
Mirzə bankanı alıb Heybətgilə gəldi. Heybətlə həmtaydılar, qohumluqları da çatırdı. Heybəti səslədi, qızı çıxdı.
– Atam tövlədədi.
Tövlə həyətin o biri başındaydı. Çathaçatda içəridən Heybətin səsini eşitdi: “Ay çərdəymiş, hoooo! Sənin yiyəvin!..”
– Heybət, ay Heybət!..
– Hay kimdi?
Səsin dalınca qapıdan Heybətin başı çıxdı.
– Mirzə? Bu vaxt xeyr ola?
– Südçün gəlmişəm.
– Gözlə çıxıram.
İki-üç dəqiqə sonra Heybət süd verdəsiylə çıxdı. Vedrə yarısınacan doluydu.
– Çərdəymişlər süddən də kəsilib. Havayı yerə o qədər yem verirəm. Heç nəyin bərəkəti qalmayıb… Gəl süzüm verim. Neynirsən südü? Boğazın ağrıyır?
– Yox. Şor balıq almışam, deyirəm Nabat südlü aş bişirsin. Haçandı yemirik.
Tövləyə bitişik mətbəxə girdilər. Heybət bidonun ağzına tənzif salıb südü süzdü. Mirzədən bankanı alıb doldurdu.
– Mirzə, özün neynirsən?
– Mənəm də. Dolanıram. Səndə nə var, nə yox?
– Eh… Heç soruşma. Ayaqlarım öldürür məni. Gecə səhərəcən yerimdə fırlanıram, gözümə bir hovur yuxu getmir. Ürəyim də incidir məni. Kələyimi kəsib lap. O gün həkimə getmişdim, Elmanın yanına. Yenə bir palaz iynə-dərman yazdı. A kişi, adam da bu qədər dərman içər?
– Əşi, qocalmışıq da…
Mirzə bankanı aldı.
– Nə qədər verəcəyəm?
– Heç nə. Götür get.
Mirzə bir manat çıxartıb stolun üstünə qoydu.
– A kişi, deyirəm lazım deyil də.
– Siftədi… Getdim. Sağ ol.
Gedə-gedə yazmaq istədiyi şeiri fikirləşdi. Haçandı yazmaq istəyirdi, alınmırdı. Tək-tək misralar beynində fırlanırdı, amma bir-birinə uyğunlaşıb bənd olmurdular..
Yolda qardaşı Arifi gördü.
– Hara belə? – Arifdən soruşdu.
– Toyuqların dəni qurtarıb. Bir az buğda alım.
– Yumurtlayırlar?
– Pis deyil. Özümüzə çatır. Sən hardan gəlirsən?
– Heybətdən süd almışam. Gördüm təzə balıq gəlib, aldım səhər. Nabat südlü aş bişirsin, haçandı yemirik.
Yem dükanının qabağında qardaşından ayrılıb evə qayıtdı.
Südü Nabata verib kluba getdi. Klubun dalındakı balaca otaq nərd otağıydı. Yay-qış işi olmayanlar bura yığışıb nərd, domino oynayırdılar. Balaca elektrikli samovar daim istiydi. Qəndi-çayı da hərdən biri alırdı. Akif tək idi. Akif klubda işləyirdi, amma nə işlədiyini heç kim bilmirdi, heç özü də. Hər gün səhər gəlib qapını açırdı, axşam da bağlayıb gedirdi. Bütün gününü oyun oynamaqla keçirdirdi. Mirzə pəncərədən içəri boylandı. Akif qəzet oxuyurdu. Mirzəni görən kimi qəzeti büküb qırağa qoydu.
– Gəl bir dənə nərd ataq.
Pəncərənin dalından səsi güclə gəldi.
– Papruz alım gəlirəm.
Heç Akif də Mirzəni yaxşı eşitmədi. Eləcə başını tərpətdi.
Mirzə dükana girib əlində hazır tutduğu üç manatı piştaxtanın üstünə qoydu.
– Bir dənə papruz ver, bir dənə o balaca qutuda qənd olur e, ondan ver. Qalanına da atma çay ver.
Dediklərini alıb kluba qayıtdı. Başladılar nərdə. Oynaya-oynaya söhbət edirdilər. Akif arada bir dəfə durub boşalan samovarı doldurub təzədən qaynatdı. Başqa gələn olmadı.
– Xeyir ola, bu gün gələn-gedən yoxdu?
– Soyuqdu da. Baxsan hamı xəşil çaldırıb, yeyib yatır.
– Qar yoxdu axı. Xəşili qar yağanda çalarlar.
– Əşi, ona baxan var? Hava soyuqdu, deməli olar. Qarı gözləsən, gərək xəşil yeməyəsən heç. Görmədin, bildir qar yağmadı.
– Təbiət dəyişib də. Görmürsən, otlar da dəyişib. Əvvəl çıxan otlar daha çıxmır. Yerinə başqaları çıxır.
– Hə, fikir vermişəm.
– Quşlar da dəyişib e. Sığırçın yığışıb, yerinə qaratoyuq gəlib. Qabaqlar buralarda qaratoyuq olmazdı axı. Sərçələr də cırlaşıb. Hələ kələkovdarı[1 - Kələkovdarı – taclı sərçə.]… Nəsli kəsilib.
Danışa-danışa hesabı da itirdilər. Bilmədilər kim uddu, kim uduzdu..
Pəncərənin qabağından keçən məktəbliləri görəndə Mirzə saata baxdı. Günorta olmuşdu.
– Akif, gedim bir az çörək yeyim, gəlirəm. Səhər gördüm təzə balıq gəlib, almışam. Nabata dedim südlü aş bişirsin. Meylin çəkir, gəl gedək bizə.
– Nuş, nuş. Çox sağ ol. Axşam gələcəksən?
– Hə, keçərəm axşamüstü.
İsti aşı yeyəndən sonra yuxusu gəldi. Divanda uzanıb televizora baxa-baxa huş apardı onu, iki saat yatıb durdu. Çay içəndən sonra yenə kluba getdi. Hava qaralanacan nərd atdılar. Akif tək deyildi, Tahirlə Əli də gəlmişdi. Növbəylə oynadılar.
Klubdan çıxıb evə gələndə havanın şaxı sınmışdı, sakit, xoşagələn havaydı. Sən deyən soyuğu da yox idi.
…Yaxşı şeir olmalıydı bu şeir. İnsanların düzlüyündən, vəfadan, sədaqətdən, dostluqdan olmalıydı. Yaza bilsəydi əgər…
İki nimçə də aş yedi. Çayı içəndə əsnəyə-əsnəyə dedi:
– Ay Nabat, yuxum var, bu gün tez yatacağam. Yerimi sal.
Çayı içib içəri keçdi. Yerinə uzanan kimi yatdı.
…Gecənin hansı vədəsiydi oyandı. Otaq aydınlıqdı, bayırdan nur yağırdı otağa. Qulaqbatıran sükut hakimdi ətrafda. Durub pəncərədən bayıra baxdı. Qar yağırdı. Hər tərəf ağappaqdı. Qara baxdı. Beş dəqiqə, on dəqiqə… Bir də gördü hardansa ovuc içi boyda sərçə uçub gəldi, düz pəncərənin qabağındakı albalı ağacının çılpaq budağına qondu. Oturan kimi də təzədən uçdu. Budağın üstündəki qar ayaqlarını üşütmüşdü sərçənin. Dimdiyiylə budağa vurdu, budaq silkələndi, üstündəki qar dağıldı. Sərçə qarını təmizlədiyi budaqda oturdu. Tüklərini qabardıb Mirzəyə baxdı, boynunu bükdü, sonra uçub getdi.
Mirzə keçib çarpayıda oturdu. Dəftəri açıb yazmağa başladı. Haçandı yazmaq istədiyi şeirdi, misra-misra, bənd-bənd kağızın üstünə tökülürdü. Yazdı, yazdı, dəftər doldu. Axırıncı iki bəndi yaşıl dəftərüzünün içəri tərəfinə yazdı. Qurtarandan sonra dəftərin üzünə iri, aydın xətlə “Sərçə poeması” sərlövhəsini qeyd etdi…
Səhər həmişəkindən gec durdu. Yerində dikəlib pəncərədən baxdı, daha qar yağmırdı. Ölüşkün qış günəşi zəif-zəif parıldayırdı. Əl atıb dəftəri götürdü. Şeiri görəndə rahatlandı. Yuxuda görməyibmiş, doğrudan yazıbmış. Şeiri iki dəfə başdan-ayağa oxudu. Əslində şeir yox, poema. İstədiyindən daha yaxşı alınmşdı. Dəftəri şkafın gözünə, kitabının qalan nüsxələriylə əlyazmalarının yanına qoydu.

Gecə Nabat onun yerini salmağa gedəndə dedi:
– Dəftər qoyma. Elə o stulu da götür içəridən.
Beş-on saniyə sonra yavaş-yavaş, az qala pıçıltıyla əlavə elədi:
– Daha şeir yazmayacağam.

    16 sentyabr 2016

Qanadlarım ağrıyır
…ki,
sənin qanadların qırılmaq istəmirdi.
    Hədiyyə Şəfaqət
Hərdən elə bilirdi quşdu. Uçmaq istəyirdi, uça bilmirdi…
Püstəxanım talvarın altında oturmuşdu. Alaqapının balaca gözü aralandı.
– Pistə… Ay Pistə…
Püstəxanım səsi eşitmədi, qocaldıqca qulağı ağırlaşmışdı. Qapı bir az da aralandı, Süriyə başını içəri soxdu.
– Ay Pistə…
Gördü Püstəxanım oturub, içəri girdi. Alçaqdan danışa-danışa yaxına gəldi. Öz aləmində Püstəxanımla əhval tuturdu. Püstəxanımın fikri uzaqlardaydı, Süriyə yanına çatanda başını qaldırıb onu gördü.
– Ay Süryə, xoş gəlmisən.
Süriyənin əlində bir salxım şirəyi üzüm vardı. Bayaq alçaqdan verdiyi sualı indi bərkdən verdi.
– Pistə, neynirsən, necəsən?
Püstəxanım əllərini açıb başını yellətdi.
– Mənəm də… Oturmuşam.
Sonra ayağına söykətdiyi əsasını əlinə götürüb ayağa durdu.
– Gəl gedək içəri.
– Yox, tələsirəm. Ay Pistə, bax gör abqora çəkmək olar?
Püstəxanım gözlərini qıyıb salxıma baxdı.
– Həri, şirəyə dolur. Əsil vaxtıdı.
– Bildir baş qarışıq oldu, imkan olmadı sıxmağa. Qışda bir gilə abqora tapa bilmədim. Heç olmasa bu il əlim yerdə qalmasın.
Süriyə əlini sağ ol mənasında yellədib yenə dodaqaltı Püstəxanımla sağollaşa-sağollaşa qapıya tərəf getdi.
– Ay Süryə, heç olmasa içəri keçəydin.
– Yox e, tələsirəm ay Pistə. Gələn səfər…
Püstəxanım Süriyənin dalıyca gəlib qapını yaxşı bağlayıb-bağlamadığını yoxladı. Sonra qapının poçt deşiyindən bayıra baxdı. Alaqapı köhnəydi, üst-üstə rənglənib ağırlaşmışdı, altı çürüyüb yerə oturmuşdu, on-onbeş ildi böyük tayları açılmırdı. Hardasa qırx il qabaq köhnə evi böyüdəndə qapını da təzələmişdilər, taxta qapını çıxartıb yerinə bu dəmiri qoydurmuşdular. Qapının içəri tərəfində poçt yeşiyi vardı. Hər gün poçtalyon abunə yazıldıqları qəzeti-jurnalı gətirib bu deşikdən yeşiyə buraxırdı. Doxsanıncı illərdə bu ənənə yığışdı, daha qəzetə-filana abunə yazılmırdılar, poçtalyon da gəlmirdi. Onda Püstəxanımın kiçik oğlu poçt yeşiyini çıxartdı, amma deşiyi qaynaqlamadılar. O vaxtdan Püstəxanım bekar olanda çıxıb dayanırdı bu deşiyin qabağında, kəndin içinə baxırdı. Qapıdan aralanmamış Nərgiz gəldi. Nərgizin bir az aralıda pal-paltar dükanı vardı. Amma adı pal-paltar dükanıydı, ələ keçən hər şeyi satırdı Nərgiz. Dükanın ayaqyolusu olmadığı üçün subaşına Püstəxanımgilə gəlirdi. Vaxt keçdikcə doğmalaşmışdılar, qızı kimi olmuşdu. Bir də görürdün çiməndə gəlib kürəyini kisələyirdi Püstəxanımın, azarlayanda iynələrini də o vururdu.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68288362) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes
Примечания

1
Kələkovdarı – taclı sərçə.
Yer üzündə axırıncı gecə Гамид Пириев
Yer üzündə axırıncı gecə

Гамид Пириев

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Yer üzündə axırıncı gecə, электронная книга автора Гамид Пириев на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв