İşığın oyunu. Tanrını axtaran detektiv

İşığın oyunu. Tanrını axtaran detektiv
Stephen Smoke
Valeri Tirel – San-Fransiskodan olan varlı iş adamının gözəl dul arvadı, depressiyadan çıxmaq üçün, özəl detektiv Nik Sendzi muzdla tutur ki, o… Tanrını tapsın.
Qəhrəmanların Amerikanın Qərbinə səyahəti onları tamamilə qeyri-adi insanlarla üzləşdirir. Nəticədə, dünyanı görməyin yeni təcrübəsi ilə zənginləşmiş Valeri və Nik Kainatla harmonik əlaqə qurmaq qabiliyyəti əldə edirlər.

Stiven Li Smouk
İşığın oyunu. Tanrını axtaran detektiv

Meqqiyə həsr olunur – səbəbini özü, hər kəsdən yaxşı bilir

Xüsusi təşəkkürlər:
Dayanaya, Fredə, Syuziyə Cona, Denə, Rosa, ilk növbədə isə sənə Uolt… harada daldalanmağından asılı olmayaraq, qoca

İşıq Şousunun sehrinə düşüb
Su üzərində gəzə bilməyəcəyinə
Necə inanmışdın
Körpəm, nədən belə düşünmüşdün
Bu, sadəcə, İşığın Oyunudur
Gecə, səhərədək cadugərliyidir
Hər şey əla keçəcək…


İlkin qeyd
Oxucunun gördüyü kimi, hər bir fəsil iqtibasla başlayır. Bunlar müəllif tərəfindən yazılmış və "Hisslər məbədi" albomunda toplanmış mahnılardan götürülüb. Buraya "İşığın Oyunu" mahnısı da daxildir.
Albomu əldə etməyi arzulayır, amma onu yaxın musiqi mağazalarında tapa bilmirsinizsə, məlumat üçün naşirə müraciət edin.
Kitab, həmçinin, faktların harada bitib, xəyalların haradan başladığını anlayanlara ithaf olunur.
Daha çox isə bunu anlamayanlara…
"İşığın Oyunu" bədii əsərdir. Onun süjeti həyatla bir qədər uyuşmasa da, romanın əsasında gerçək yaşanmış təcrübə durur.

1
Mona-Liza qiyafəsində
Gözü yaşlı, Ceyms Dini dəfn edir
Daxilində tələf olmuş şeyi
Və onun mənasını tapmaq istəyir
O, elə bir qadın idi ki, ondan ötrü rahib belə düşünmədən nigahsızlıq əhdindən üz döndərərdi.
Əksər kişilər, Valeri Tireli bir dəfə görəndən sonra, artıq unutmurdular. Və ya, unuda bilmirdilər. Qara saçları maye oniks (damarlı əqiq) şəlaləsi kimi çiyinlərinə tökülürdü. Dolu dodaqları elə şirnikləndirici şəkildə bir-birinə dəyib-aralanırdı ki, öpüş üçün yaradıldıqlarına heç bir şübhə yeri qalmırdı. Vücudu… vücudu hansısa mötəbər muzeydə, sərgiyə qoyula bilərdi. O, mükəmməl idi.
Əlində bu qədər kozırların olmasına baxmayaraq, o, mən deyərdim ki, son dərəcə kədərli görünürdü. O, təbii ərzaqlar mağazasından aldığım xüsusi surroqat kofe təklifimi rədd edərək (yetərincə başa düşülən qərar idi), dərhal oturacağını tuncdan tökmək qərarına gəldiyim stulda oturdu.
– Mənim adım Valeri Tireldir, – o, ahəngdar, bir qədər boğuq səslə özünü təqdim etdi. Onun məğzini şəhər blyuzu – Herşvinin musiqisi, şəhər ucqarlarının blyuzu – əks etdirərdi.
– Beləliklə, miss Tirel…
– Missis. Sadəcə Valeri də deyə bilərsiz.
– Valeri. Mən sizə necə kömək edə bilərəm?
O, qəmli qonur gözlərini mənə tərəf qaldıraraq, dedi:
– Mən ümidimi itirmişəm, mister Sendz. Mən, sadəcə yaşamaq istəmirəm.
Mən ona, ölümünün necə böyük itki olacağını izah etməyə hazirlaşdım, ancaq Valerinin gorunuşündən hiss etdim ki, bunları dəfələrlə eşidib. O hər şeyi açıb-deməyə tələsdiyindən soruşdum:
– Hansı səbəbdən?
Valeri stulun arxasına söykəndi, çantasından filtrli "vinston" qutusunu götürdü, silkələyib bir siqaret çıxartdı və mənə təklif etdi. Mən imtina etdikdə, onu qızıl "dunhill" ilə yandıraraq, qutu ilə çaxmağı yerinə qoydu. Tüstünü dərindən sinəsinə çəkib buraxdı, amma hamısını yox. Sadəcə
– Mənim ərim ölüb, – dedi. Bir qədər susdu. – O yaxşı insan idi.
Mənə yönəlmiş gərgin baxışında səmimiyyət hiss olunurdu.
– Yəni, çox yaxşı insan idi. Mənə hər şey verir, əvəz istəmirdi.
O, bir anlıq o xəyalında rəqs etdi. Və mən onun kiminlə rəqs etdiyini sezdim. Sonra gerçəkliyə döndü.
– Heç vaxt.
– Sizin əriniz necə ölüb?
– Təyyarə qəzasında. Onun şəxsi təyyarəsi var idi.
Bu məni zərrə qədər də təəccübləndirmədi.
– Təyyarənin idarəetmə mexanizmində nəsə baş verib, və o… yerə düşüb.
– Dərdinizi bölürəm, – dedim.
Dərhal, robot kimi,
– Minnətdaram, – dedi. – O, mənə qarşı çox mehriban idi, mister Sendz…
– Mənə sadəcə Nik deyin.
– Nik. O, sözün əsl mənasında məni xəndəkdən çəkib çıxardı. Təxminən dörd il bundan əvvəl, mən küçə qızı idim.
Mənim isə evdə kamodun yuxarı gözündə xeyli pulum var – deyəsən çox gec ağlıma gəlib.
– Cəmi dörd il əvvəl mən küçələrdə özümü satırdım. Qordon məni tapdı. Bir dəfə gecə vaxtı, buradan çox da uzaq olmayan bir yerdə məni küçədən götürüb, evinə gətirdi və iki yüz dollar verdi ki, mən danışım…sadəcə özüm haqqında danışım. Heç bir sekssiz. Sadəcə mənim barəmdə soruşdu. Mənimlə artıq yüz il idi ki, heç kəs maraqlanmırdı. Hamı və hər kəs məndən sadəcə istifadə etmək istəyirdi, amma, Qordon… Qordon belə deyildi.
Təxminən iki ay, o məni həftədə iki dəfə öz evinə aparırdı. Mən artıq o günləri gözləməyə başlamışdım. Nəhayət ki, o məni onunla harasa getməyə dəvət etdi. Əsl görüş təyin etdi. Dedi ki, ödəmək fikri yoxdur, odur ki, mənim imtina etməyə tam hüququm var. Amma, mən ondan bərk yapışdım. Bilirəm nə barədə düşündünüz.
Bir qədər qeyri-müəyyən gümandır. Mən susdum. Axı o səhv də edə bilərdi.
– Əvvəllər mən yalnız Qordonun pulları – varlanmaq barədə fikirləşirdim, ancaq, sonra ona həqiqətən vuruldum. İki ay sonra biz evləndik. Və son dörd ili mən elə yaşadım ki, istənilən qadın mənə paxıllıq edərdi… Amma, o artıq yoxdur. –sanki fikrə getdi. – Və mən bunu heç cür anlaya bilmirəm.
– Bağışlayın?!
– Mən anlaya bilmirəm. Niyə məhz Qordon? Dünyada ondan yaxşı və mehriban insan yox idi. O, Tanrıya inanırdı. – O, dodaqlarının kənarları ilə gülümsədi, yenidən tüstünü sinəsinə alıb, havaya xəyali tüstü buludu buraxdı. – O, hətta mənə də Tanrıya inanmağı öyrətmişdi. Sanki hansısa… hansısa xüsusi qüvvəylə yaxın idi. Kimsə onu Tanrı adlandıra bilər. Məsələn, Qordon elə belə də adlandırırdı. Tanrı onun həyatının mərkəzində idi. Qordon sanki, Tanrının qulu idi – hər halda özü belə deyirdi. O, elə mülayim idi, yaxınlarının qayğısına elə qalırdı ki, – yalnız mənə deyil, ehtiyacı olanların hamısına kömək edirdi. Bəs niyə Tanrı, burada – dünyada bu qədər xeyir verən bir insanı apardı?
Mən cavab verməyə çətinlik çəkərək, təxmin etdim:
– Bəlkə də, Tanrı istəyib ki, Qordon onunla birlikdə səmada olsun.
Valeri məni nifrətlə süzdü, sanki mən nə isə nalayiq söz demişdim, amma, sonra nisbətən yumşaldı:
– Mən incimirəm, amma, bu cəfəngiyatı hər addımda eşidirəm. Lakin, Qordon həmişə canlı Tanrıdan danışırdı, tez-tez təkrar edirdi ki, Tanrı hər yerdədir və hər kəs üçün əlçatandır. Əgər bu doğrudursa, deməli Qordon onsuz da hər zaman Tanrıyla bir yerdə imiş. Başa düşürsüz, nəyi nəzərdə tuturam?
Bir qədər vicdansızlıq olsa da başımla təsdiqlədim.
– Bağışlayın ki, sizi tələsdirirəm missis Tirel…Valeri, siz məndən nə gözləyirsiz?
– Sizin "Sarı Səhifələr"dəki elanınız deyir ki, siz kimi istəsələr tapa bilirsiz.
– Ola bilsin, "kimi istəsələr" bir qədər şişirdilmişdir. Mərhum həyat yoldaşlarının izlənib tapılmasına gəldikdə isə, yəqin ki, ekstrasensə və ya mediuma müraciət etmək daha doğru olardı.
– Mənə bu lazım deyil.
– Bəs sizə nə lazımdır?
– Bu bir az gülməli görünə bilər.
– O zaman mən də güləcəm.
– Amma, sizi inandırıram ki, mən tamamilə ciddiyəm. Daha dəqiq desəm, ümidsiz vəziyyətdəyəm. – Növbəti qullabdan sonra, vurğu edə-edə dedi: – Mən istəyirəm ki, siz Tanrını tapasınız.
Az qala qəhqəhə çəkəcəkdim, amma haradansa oxumuş olduğum “psixi xəstəyə gülsən, o, qəzəblənə bilər” fikri yadıma düşdü:
– Siz istəyirsiniz ki, mən… istəyirsiz ki, mən… Tanrını tapım, – deyə, sanki, ətraflı düşünülmüş cavab verən kimi mızıldandım.
– Bilirəm, bu cəfəngiyat kimi səslənir, amma, açığı özünü öldürmək daha yaxşıdır, nəinki, həyatda onsuz yaşamaq… – mənə elə göründü ki, Valeri, qəfildən, bir az karıxdı. – Kimsə onu Tanrı, başqaları – Hüdudsuz Şüur adlandırır. Mənim üçün bu mərkəzdir, cəmlənmə duyğusudur. Başa düşürsünüz, nəyi nəzərdə tuturam?
Mən başımla təsdiq etdim.
– Qordon mənə Tanrı haqqında danışıb. – O, pəncərəyə baxaraq, bir qədər susdu. – Qordonsuz, özümü tamamilə ümidsiz hiss edirəm. Mənim həyatım zibil quyusu kimi idi, amma, mən Tanrı haqqında biləndən sonra o nağıla döndü. Ancaq, Qordon daha yoxdur və mən artıq yadırğamışam… Tanrını dərk etməyi. Yəqin, mən ona həmişə Qordonun gözləri ilə baxmışam. Qordon mənim ruhumun vasitəçisi idi. Amma, indi… indi mən bədbəxtəm. Elə bədbəxt ki, mənə kömək edəcək birini tapmasam, gözümü qırpmadan özümü öldürəcəm.
– Bəs niyə məhz məni seçdiniz? Axı telefon kitabçası detektiv adları ilə doludur.
– Siz bir neçə ay bundan əvvəl, mənim rəfiqələrimdən birinə yardım etmisiniz. O, dedi ki, siz ona şövqlü bir insan təsiri bağışlamısınız.
Etiraf edim ki, təbii ərzaq mağazalarında, meditasiya mərkəzlərində və dini ədəbiyyat dükanlarında detektivlərə o qədər də tez-tez rast gəlmək mümkün deyil. Mənim isə lazımi etibarım var imiş.
– Bəs, keşişlə necə, danışmaq istəyərdinizmi? Yersiz görünsə, ifadəmə görə məni bağışlayın, amma Tanrı onların peşəsidir.
– Qordon kilsəyə meylli adam deyildi. Onun Tanrı ilə bilavasitə əlaqəsi var idi. Əksər dinlər Tanrı ilə birbaşa əlaqəyə əngəl törətməkdə maraqlıdırlar.
– Başa düşürəm.
Burada başa düşülməməli nə var ki?
– Mən demək istəyirəm ki, əgər Tanrı hər yerdədirsə, o zaman çətinlik nədədir? Bura yəqin ki, hər gün həyatda olmayan yaxınlarını tapmaq istəyən insanlar gəlir. Tanrı haqqında hami eşidiblər. Hesab olunur ki, yer üzünün hər guşəsində onun elçiləri var. O, ona müraciət edən hər bir kəslə ünsiyyətə hazırdır. Eləsə, burada çətin nə var? Düşünürəm ki, sizə bundan daha asan iş tapşırılmayıb.
Səsimə arxayınlıq verməyə çalışaraq
– Açarlarımız həqiqətən də az deyil, – deyə sözə başladım. – Amma, bilmirəm…
Valeri səliqəsiz şəkildə çantasını açıb, oradan tapança çıxardı. Mən qeyri-iradi olaraq stolun arxasında gizləndim.
– Narahat olmayın, sizə atəş açmaq fikrində deyiləm.
Mən boynumun ardını yavaşca ovuşduraraq, üzümdən qorxu əlamətlərini qovmağa çalışdım.
– Mən sadəcə istədim ki, mənə inanasınız. Siz müraciət etdiyim birinci adam deyilsiniz. Mən keşişlərdən başlayıb, mediumlara keçmişdim, sonra, rəfiqəm sizi tövsiyə etdi. Siz mənim son ümidimsiniz, Nik. And içirəm ki, Tanrını tapmasam özümü öldürəcəm. Burda və indi yox, amma tezliklə. Mənim sadəcə, Tanrının olmadığı dünyada yaşamağa gücüm yetmir. Bundan əlavə, siz nə itirirsiniz ki? Mən haqqınızı ödəyəcəyəm.
Cavab verməmişdən əvvəl, xəyalımda onun sözlərini götür-qoy etdim. XX əsrin sonlarında Tanrını tapmaq elə də asan məsələ deyil. Əlbəttə, əvvəlcə bu, uşaq oyuncağı kimi asan görünür: Bütün radio və televiziya kanallarında, hər küncdə-bucaqda Tanrının adı ilə alver edirlər. Saxta tanrılardan da qıtlıq çəkmirik. Amma, mən özüm…də həqiqi mala hələ rast gəlməmişəm. Yaxşı, bu çoxdan olub. Bununla belə, Tanrını axtarmaq fikrində nəsə cəlbedici bir şey var idi.
Bundan başqa, Valeri haqlı idi: mən heç bir şey itirmirdim.
O, məni də maraqlandıran problemi araşdırmaq üçün pul təklif edirdi. Həm də anlayırdım ki, onun intihar təhdidləri zarafat deyil. Onun son ümidi olduğum halda işdən imtina edirəm, o da tapançanı gicgahına dirəyərək, evini güllədən dağılmış beyninin parçaları ilə bəzəyir – düşüncəsi ilə necə yaşaya bilərdim?
Nə qədər ağlasığmaz görünsə də, razılaşmaq üçün səbəblərim imtina etmək üçün olanlardan daha çox idi.
– Adətən, mən günə iki yüz alıram… Rokfordun aldığı qədər.

2
Yaşamıram, sadəcə çalışıram dəli olmayım
O üzündə ümidsizlik olan xətti keçməyim
Səhər Meditasiya edib, İşığ Qatarına minim,
Gecə bir şüşə şərabla özümü müalicə edim.
Mən San-Fransiskonu sevirəm. Şəhərin ruhu mən yaşayan hissədə başqa rayonlardan daha yaxşı duyulur. İki il bundan əvvəl, sığorta şirkətini tərk edərək, "Balıqçı Liman"ından bir neçə məhəllə yuxarıda, şəhərin işgüzar hissəsində məskunlaşdım. Çox da böyük olmayan köhnə anbarın yuxarı mərtəbəsini beş illiyə icarəyə götürəndə, orada tam nizamsızlıq hökm sürürdü: dörd köhnə divar, sınıq pəncərələr və quş nəcisi, yapışqan zir-zibil və, sonralar bir yoldaşın mənə anlatdığı kimi, gəmi mühərrikinin kəsilmiş paslı hissəcikləri ilə örtülmüş çürük döşəmə.
Sözün əsl mənasında dəhşətli olan bu yerə dərhal köçmək mümkün deyildi və mən beş ay dostlarımın yanında qalaraq, oranı təmir etdirdim. Pulum cüzi idi, amma, bacarığım və ev üçün lazım olan şeyləri, evlərdəki lazımsız əşyalar qədər ucuz qiymətə almaq istedadım var idi. Bir gün sökülməsi qərara alınmış kiçik kilsənin yanından keçməli oldum. Oradan iki kiçik yük maşını vitraj daşıyıb, yeni mənzilimin pəncərələrinə saldım.
Peşəsi dülgər olan dostum döşəmədə və divarlarda olan deşikləri doldurmağa kömək etdi, mən də təmizliklə məşğul oldum.
Mənzil yaşayış üçün yararlı vəziyyətə gətirildikdən sonra, mebel və bəzək içinə başladım. Daxili divarlar olmadığından otaqlardan danışmaq mümkün deyildi. Məsələn, mənim yataq otağımla qonşuluqda (məhz qonşuluqda, qonşu otaqda yox) iş zonası yerləşirdi. Orada divardan on iki futluq kvadrat güzgü asılıb. Tirin üstündən, ucuna "Everlast" boks armudu asılmış zəncir aşırılıb. Divarda, güzgüdən sağda isə döyüş və məşq boks əlcəkləri, əl bintləri və digər şeylər üçün bir neçə qarmaqcıq vurulub. Taburetkanın üstünə yumurta bişirmək üçün saat qoyulub, o mənə, dayağa söykənərək ağırlıq qaldıranda lazım olur. Mətbəxtdə hər şey palıd ağacından və paslanmayan poladdan idi. Santexnikanı da özüm yığmalı oldum, amma ilk öncələr anbarda mənim işimi asanlaşdıran, kiçicik mətbəx və ayaqyolu var idi.
Ümumi otaq da palıdla işlənib: rəflər və aparatura üçün altlıqlar. Sonuncuların üzərində 27-düymlük "Sony" monitoru, kasetlə işləyən videomaqnitofon, kompakt disklər üçün miniatür "Sony" pleyeri, plastinka oxudan cihaz, kaset maqnitofonu, səs gücləndirici, "Vətəndaş Keyn"-dən tutmuş, yapon qadın güləşinə qədər təqribən əlliyə yaxın lent durur (heç kim adaya bənzəmir; mən özümü daha artıq yarımada – çox hissəsi materikdən ayrılmış, amma onunla kifayət qədər "dünyəvi" əlaqəsini saxlamış quru parçası kimi görürdüm).
Mən içərisində tər tərəvəzlər və təbii qidalar mağazasından meyvələr olan paketləri soyuducuya qoydum, alkoqolsuz "Myussi" pivəsini açaraq, qonaq otağında, güzgünün qarşısında yerləşən ağ koppuş kresloya oturdum. Növbələşən rəngli və adi şəffaf panellərdən düzəldilmiş pəncərədən körfəzə, San-Fransiskodan Sosalitoya, mənzərə açılırdı. Gözümü azacıq sola çəpləşdirməklə, "Golden Gate" körpüsünü də seyr edə bilirdim. Bu mənzərə insan gözü üçün əsl bayram idi və mən hər gecə onun vasitəsilə öz “nazımı çəkirdim”.
Mən surroqat pivəni süzüb, Valeri Tirel haqda düşünürdüm. Həyatım maraqlı bir dönüş edir. Bu, cəfəng görünə bilər, amma Valeri həqiqətən lazım olan insana müraciət etmişdi. Mənim tanıdığım əksər detektivlər, ya onu məsxərəyə qoyaraq qapıdan qovar (bu da onun intihar etməsinə səbəb olardı), ya da yardım etmək niyyətləri olmadan pulunu alardılar. Mən güman ki, dünyanın birinci dahisi deyiləm, amma vicdanlı adamam. Üstəlik, Valerinin rəfiqəsinin də qeyd etdiyi kimi, mənəvi mövzulara böyük maraq göstərirəm.
Surroqat pivəni acgözlüklə içə-içə və körfəzdəki katamaranların rəqsini izləyərək fikrə getdim: bəs mən Tanrını harada axtarım? Bunu bilmirdimsə də, Syuzini harada tapacağımı bilirdim.
Syuzi Maçio 60-cı illərin sonlarının makrame kraliçası idi. O, makrameli məmulatların – futbolkalardan tutmuş dekorativ vazalara qədər yeni partiyasını satışa buraxaraq çoxlu pul qazanmışdı. Yetmişinci illərdə o, fikrini tamamilə futbolkalarda cəmləyərək, onlardan milyonlar əldə etmişdi – düzdür o qədər də çox yox, amma, qənaətçil olsa bir neçə ay yaşamağa çatardı.
Bundan savayı, o, metafizika məsələlərinə daim maraq göstərirdi. Heç bir yeni cərəyan onu diqqətindən kənarda qalmırdı. Özü də – düzdür, ziddiyətdir, amma nə etmək olar – Syuzi həmişə, hər iki ayağı ilə yerin üzərində dururdu. Xəyalpərəst təbiətli deyildi.
"Morning Glory" qəhvəxanası San-Fransiskonun işgüzar hissəsində, "Clear Light" kitab mağazasının yaxınlığında yerləşir. Bura xoş bir yerdir. Tamaşaçıları adətən həvəskar artistlər əyləndirir, amma, belə böyük şəhərdə hətta diletantlar da yaxşı səviyyədə olurlar. Mühiti yaxşı olduğu üçün, bəzən burada məşhur musiqiçilər də çıxış edirdilər. Mən onlardan olmasam da, bir neçə dəfə özüm də çıxış etmişdim. Aşağıda, musiqi otağında danışmaq qadağan edildiyindən mikrofona ehtiyac olmur, bu da bir musiqiçilərin əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir. Yuxarıda iki zal var: 12 stolu və şahmat və damadan tutmuş, pulla oynanılan "New Age"ə qədər bütün mümkün oyunlarla doldurulmuş divar şkafı olan oyun otağı, insanların oturub, söhbət etmələri və oxumaları üçün kreslo və taxtları olan holl. Ortada, üzərində ən müxtəlif təbii qida və içkilər olan qəlyanaltı masası yerləşir; əvəzində hər bir adam gücü çatan qədər yardım edə bilər.
Syuzi hollda tək idi. O, xalis taxıl buğdasından hazırlanmış, qoz-fındıqlı şokoladlı peçenye ilə limonlu çay içirdi.
– Salam, Syuzi. – Mən onun yanında – hörülmə taxtın gül naxışlı basma parça çəkilmiş oturacağında əyləşdim.
– Niki? Çoxdandır səni görmürəm.
– Mən məşğul idim.
Valeri Tirel haqqında məlumatı dinlədikdən sonra, dedi:
– Belə çıxır ki, indi Tanrını axtarırsan?
– Hə. Özü də mən onu aldatmaq istəmirəm, başa düşürsən?
– Hə.
– Mən təqdimatlar keçirə, Valerini şəhərin bütün medium və qurularının yanına apara bilərdim. Ancaq, mən ona həqiqətən kömək etmək istəyirəm.
– Tanrını tapmaqda? – Syuzi soruşdu.
Onun zarafat edib-etmədiyini anlamadım, amma Syuzini yaxşı tanıyıramsa zarafat etmir.
– Hə, və ya heç olmazsa, onun marağını təmin edə biləcək nəyisə tapmaqda. İmtina etdiyim üçün özlərini öldürmüş qadınların sayı artıq kifayət qədərdir, – özümü öydüm.
– Nədən imtina etmişdin: onları rahat buraxmaqdan? – Syuzi son dərəcə zarafatcıl idi. – Bəs mən sənə necə kömək edə bilərəm?
– Sənin xəbərin olmamış deyil. Əgər, heç olmasa bircə nəfər köhnə mahnıları təzədən oxumayan, köhnə rəqsləri təzədən oynamayan, düzgün insan varsa, sən onu tanımalısan.
– Etimadın üçün sağol, amma… – Syuzi ara verib, limonlu çaydan içdi. Bir qədər qəribə baxışlarla məni altdan yuxarı süzərək, dedi: – Bilirsən, maraqlıdır ki, sən mənim yanıma məhz bu gün gəlmisən. Qəribə təsadüfdür.
Mən təsadüflərə inanıram. Özü də çox.
– Təxminən bir ildir ki, görüşmədiyim bir rəfiqəm dünən yanıma – ofisə baş çəkdi. Axırıncı görüşümüz zamanı onun işləri pis, özü də lap pis idi. Əri onu tərk etmiş, uşaqları da… özü və öz yeni istəklisi ilə aparmışdı. Ona yalnız çoxlu miqdarda borc saxlamışdı. Rəfiqəm pullarını, göyərçin nəcisini göydən səpələyən kimi, səpələyərək, bir avtotreninq təlimatçısından digərinin yanına uçurdu. Sonra nə oldusa, o bir müddət gözdən itdi. Dünən mənim kontoruma gələnlə, mənim bir il bundan əvvəl tanıdığım qadın, tamamilə başqa insanlar idilər. Mən onunla on beş il dostluq etmişdim və onu beş barmağım kimi tanıyırdım, amma, bir dəfə də olsun bu halda görməmişdim… – Syuzi, lazım olan sözü seçmək üçün bir qədər ara verdi. – Məmnun. Toparlanmış, başa düşürsən? O, məmnun idi, amma, laqeyd deyildi. Yəni, o burada, mənim yanımda idi. Boş-boş şeylərdən danışır, yeri gələndə zarafat edirdi, özü də çox, çox qayğısız idi.
– Başına nə iş gəlibmiş?
– Maraqlı sualdı. – Syuzi "Qrauço Marks"ın mimikasını təqlid etməyə çalışdı. Daha təsirli olması üçün, ara verdi. – Dedi ki, Tanrını tapıb.
– Məndə televiziya kanalların bu həftə üçün proqramları var. Tanrının hansı kanalla çıxış etdiyini demədi?
Syuzi, mənim replikamı qulaqardına vuraraq, davam etdi:
– Dedi ki, rəfiqəsi ona Maks adlı biri ilə görüşməyi məsləhət görüb. Guya ki, Maks onu Tanrını görə biləcəyi yerə apara bilər.
– "Aparıldıqları" üçün Tanrının yanına yollanmış insanların sayı o qədər də az deyil – əlavə etdim.
– Harada olduğu barədə bir qədər yayğın danışırdı. Sözlərinə görə, onun harada olması və nə görməsini bilməyimin mənası yoxdur. Tanrının yanına gərək özün gedəsən.
İçimdəki arsızlığı boğa bilməyərək, soruşdum:
– Və bu kiçik mistik səyahət ona neçəyə başa gəlib?
– Mən də eyni sualı soruşdum. Bilirsən, nə cavab verdi?
– Nə?
– Heç neçəyə.
– Heç neçə? Bir qəpiksiz?
– Dedi ki, yalnız yemək və yol xərcini ödəyib və bütün xərc yüz dolları keçməyib.
– Sən zarafat edirsən. – bir anlıq Valeridən günə iki yüz dollar qonorar tələb etdiyimə utandım, amma qiyməti endirəcək dərəcədə yox.
– Əsla.
– Özü də bu, əsl "səyahət" olub? Bir coğrafi məntəqədən, digərinə?
– Sənin sualın yenə mənimki ilə üst-üstə düşdü. Mən düşündüm ki, söhbət köhnə mövzudan gedir: “səyahət səni Tanrıdan ayıran məsafəni aradan qaldırmaq deməkdir”. Bu mənim tam ürəyimcədir, xüsusən də ona görə ki, mənim təyyarədə uçmaqdan zəhləm gedir. Amma, rəfiqəmin sözlərinə görə, bu Maks onu əsl səyahətə aparıb.
– Amma təsadüfən ünvan onda qalmayıb, eləmi?
Syuzi gülümsədi.
– Yox. Dedi ki, onun kimi etmək istəyirəmsə, Maksın yanına getməliyəm. Maksın yeganə tələb etdiyi şey, onların getdiyi yeri heç kəsə deməməkdir.
– Amma, Maks bundan nə qazanır? Əgər o pul almırsa… Başa düşmək olmur.
– Hə, razıyam, bir məna tapmaq olmur. Amma, deyə bilərəm ki, onun mənim rəfiqəmin həyatını xilas etdiyinə həqiqətən inanıram. Sözün düzü, qalan şeylər heç vacib də deyil. O, kömək almışdı. – Syuzi yenə susub, bir qurtum aldı. – Həqiqətən qəribədir: rəfiqəmlə görüşdüyüm günün sabahı "Tanrını tapmağa kömək edə biləcək birini tanıyırsanmı?" – sualı ilə yanıma gəlirsən.
– Elədir. Bəs, bu Maks harada yaşayır?
– Görünür, artıq qarmağa ilişmisən, – deyərək, Syuzi gülümsündü.
– Əmin olma.
– O, Myuir meşəsində yaşayır.
– Orada heç kəs yaşamır. Bu meşə ştat hökumətinə məxsusdur.
– Maks orada yaşayır.
– Zarafatı burax.
– Mən, rəfiqəmin dediklərini təkrar edirəm.
– Daha dəqiq ünvan demədi? Myuir meşəsi ağaclarla doludur.
– Tamalpays dağına gedən yolun üstündə, meşəylə bir və ya iki mil getdikdən sonra, sol tərəfdə, piramida kimi toplanmış on qaya parçası ilə qarşılaşacaqsan: dördü aşağıda, onların üstündə üçü, daha sonra ikisi və ən üstdə biri. Orada dönüb, maşını yolun kənarında saxlamaq üçün yetərincə yer var. Qayaların arxasından meşəyə aparan cığır var. Böyük olmayan bir çaya çatacaqsan. Orada, deyəsən, mağara var. Sən onu görməyəcəksən, amma, Maks səni görəcək. Əgər, o, səninlə görüşmək istəsə, işarə verəcək.
– Sən bütün göstərişləri, sanki, əzbər öyrənmisən. Özün ora getməyə hazırlaşırsan?
– Mən bu haqda düşünmüşəm. Ancaq, qərar verdim ki – yox, indi yox.
– Niyə?
– Mən hələ hazır deyiləm.
– Tanrıyla görüşməyə?
– Yəgin ki. Baş verənlər rəfiqəmin həyatını dəyişib. Mənə də maraqlıdır, amma, mən hələ bu dəyişikliyə hazır deyiləm. – Syuzi yavaşıdı. – Hazır olmaq lazımdır.
– Mənim müştərim, şübhəsiz ki, hazırdır.
– Hə, əlbəttə. Yeri gəlmişkən, bir şərt də var. Maksla yalnız gecə görüşmək olur.
– Ümid edirəm ki, söhbət mütləq gecə yarısından, və ya buna oxşar bir şeydən getmir?
– Yox, sadəcə havanın qaralması lazımdır. Görünür, o, gündüzlər meditasiya edir və ona mane olmalarını xoşlamır.
– Sənə elə gəlmir ki, bütün bu əhvalat son dərəcə qəribədir? Mağara, gecə vaxtı ?
– Məni, hansısa bir tipin adamları bir turist grupu halında Tanrıyla görüşə aparması, həqiqət axtaranlar üçün, "Club Med" fikrinin özü təəccübləndirir. Amma buna başqa necə münasibət bəsləyəsən?. Düşünürəm ki, Maksın göstərdiyi xidmət, müəyyən mənada yeganədir.

3
Həqiqəti axtarmaq uşaq oyunu deyil
Hər hikmət sahibi bunu deyə bilər
Öyrəndiyin hər şeyi yadından çıxart
Bəxtə-bəxt üzmək istəyirsənsə əgər
Valeriyə zəng edib öyrəndim ki, iki saatdan sonra mənimlə ofisimdə görüşmək istəyir. Hələ bir qədər vaxtım var idi və mən "Ramada"– otelinə baş çəkərək, oradakı yoldaşım, barmen Con ilə söhbət etmək qərarına gəldim. O, mənə məlum olan bir-neçə digər həmkarları kimi "Anonim alkoqoliklər" – cəmiyyətinin üzvü idi.
O, mənə bir fincan köpüklü, alkoqolsuz "Myussi" süzdü və biz "Oakland Athletics"in işlərini, xüsusilə də, oyunçularına onların 70-ci illərin başlanğıcındakı nəsildən heç nə ilə fərqlənmədiklərini təlqin etmək üçün, komandaya hər il yeni başlayanları cəlb etmək ideyasını müzakirə etdik. Əslində bunu daha çox özümüzə təlqin etməyə çalışırdıq. Çünki komanda uzun zaman idi ki, qələbə qazanmırdı.
Barın körfəzə baxan küncündə bir oğlan "Yenə həmən keşikçi qülləsi"ni oxumağa başladı. Basanova ritmindəki nəğmə, sonu olmayan elektrik çırtıltısını xatırladırdı.
60-cı illərdə, biz dostlarımızla Bob Dilanın bu klassik “musiqisinə” Cimmi Hendriksin ifasında tez-tez qulaq asıb, şeirin gizli mənasına nüfuz etməyə çalışardıq. Lirikanın arxasından açıq-aşkar nə isə apokaliptik bir şey görünürdü və bəzən bizə elə gəlirdi ki, bu saat ondakı mistik müraciətin mənasını tutacağıq. Bədbəxtlikdən, belə hallar, daha çox, həqiqəti, budaqları parıldayan oyuncaqlarla dolu milad küknarına bənzəyən aydınlanmalarla bəzəyən psixodeliklərin (psixoaktiv maddələrin) təsiri altında baş verirdi. Cisim və hadisələrdən, bir çox hallarda onlara ümumiyyətlə verilməmiş mənanı çıxarmaq cəhdlərinə çox, həddən çox gecələr sərf etmiş, həyatın var qüvvəsi ilə gözümüzə soxduğu ən vacib cəhətlərinə isə diqqət yetirməmişdik. Qarşısıalınmaz idealizm ilə psixodəliklərin təlqin etdiyi məntiqin arasındakı qüsurlu əlaqənin məhsulu belə olmuşdu.
Amma, bütün bunlar iyirmi il bundan əvvəl baş verib və o vaxtdan bəri çoxlu bulanıq sular axıb.
Müqəddəs Qraal haqda arzular unudulub, bütün düşüncələri avtomobilə görə kredit ödənişi, stomatoloqdan gələn hesablar, habelə, arasında sakit liman tapa biləcəyin bir cüt qılçanın daimi, səmərəsiz axtarışları zəbt edib.
Jurnalistlər mənim aid olduğum nəsilə ləqəb qoymağı sevirlər. İnkar etmək çətindir: biz parlaq şəxsiyyətlərik və hər cür damğa bizə çox asan yapışır. 60-cı illərdə, yaşlı nəsil bizlərə cır-cındır içində olan radikallar, əqli cəhətdən zəif narkomanlar kimi baxırdı. Bununla belə bizi bir kübar rəngarəngliyi fərqləndirirdi – "Life" jurnalı rəngbərəng, təsirli fotoşəkillərə görə onlara bocludur.
Ümumiyyətlə jurnal bizə mehriban münasibət bəsləyir, lakin bir qədər qeyri-dəqiqliyə yol verirdi – görünür məhz o vaxtdan jurnalistikanı öyrənən tələbələr üçün “qeyri-dəqiqlik” kursu icbari olub. Xoşbəxtlikdən və ya bədbəxtlikdən, maraqkeş dünya bizim tüklü ekssentrik nəslə “hippi” yarlığı yapışdırmışdı. Səksəninci illərdə Medison avenyu yavaş-yavaş mənim yaşıdlarıma istehlakçı kimi baxmağa başladı və bizi qızıl suyuna çəkilmiş şirəçəkəndən keçirib, dizayner cinslərimizin ciblərini boşaltdı. Bizim isə bu müddətdə başımız haradasa rəsmi bir yerdə bizi “ayppi” yarlığının bəzəməsi üçün ümidsiz bir şücaətlə, mübarizə etməyə qarışmışdı.[1 - Burada bir söz oyunu var “He”(hi)-ingiliscə “o”, “I”(ay) isə “mən” deməkdir.]

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/stephen-smoke/isigin-oyunu-tanrini-axtaran-detektiv-68386552/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Burada bir söz oyunu var “He”(hi)-ingiliscə “o”, “I”(ay) isə “mən” deməkdir.
İşığın oyunu. Tanrını axtaran detektiv Stephen Smoke
İşığın oyunu. Tanrını axtaran detektiv

Stephen Smoke

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: İşığın oyunu. Tanrını axtaran detektiv, электронная книга автора Stephen Smoke на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв