Bir gəncin manifesti

Bir gəncin manifesti
Mir Cəlal Paşayev
Mir Cəlalın "Bir gəncin manifesti" romanı 20-ci əsrin əvvəllərində Azərbaycanda baş vermiş hadisələrin bədii təfəkkür süzgəcindən keçirilmiş təsviridir.

Mir Cəlal
Bir gəncin manifesti

PROLOQ
Həyat və azadlıq, ancaq onlar üçün hər gün döyüşə gedən adamlara layiqdir!
    HÖTE
Bağçalar dərəsinin sağ tayında cənuba doğru uzanıb gedən və təzəcə şumlanan əkin yerləri məxmər kəmər kimi dağları qucmaqda idi. Zəmilərdən qalxan nəmli torpaq qoxusu yenicə açılan bənövşə, quzuçiçəyi ətrinə qarışaraq havaya bir təzəlik, mülayimlik gətirmişdi. Səhər soyuğundan sonra yumşalan hava hələ də narahat kimi tutulub-açılmaqda idi. Buludlu göy intizar çəkən bir qəlb kimi çırpınır, bir an da eyni vəziyyətdə qalmırdı. Cida boyu qalxan günəş cənuba axan müxtəlif biçimli, müxtəlif şəkilli, əlvan buludlar arxasında gah çıraq kimi yanır, gah köz kimi sönür, gah kəhrəba kimi saralır, gah sədəf kimi parıldayırdı.
Karvan-karvan ötən qalın seyrək buludlar ardınca nəsə bir aydınlıq, bir parlaq gündüz olacağı yəqin idi. Aşağılarda, dərənin qovuşan yerlərində isə baş-başa verən söyüd, qələmə, qarağac, vən, iydə, zoğal ağacları küləyin səmtinə doğru can atmaqda, sanki kökdən çıxıb haralara isə getmək arzusunda idilər.
Dağlardan axıb, səhraları aşıb gələn sel suları isə elə şaqqıldayırdı ki, eşidənlər dəhşətdən diksinir, göy gurladığını, ildırım çaxıb qaya uçduğunu, sar üstünə qartal şığıdığını güman edirdilər.
Dağın döşündə belini əyərək xışının əlcəyinə güc vura-vura cüt sürən bir cavan, ucaboy çarıqlı oğlan, səhərdən bəri nəfəs almadan sürüb qaraltdığı yerlərdən qalxan buxara, torpaqlara enib yem axtaran quşlara baxıb həzz alırdı. Sel sularının şaqqıltısı onun diqqətini cəlb etdi. Bir an belin düzəltdi, dönüb aşağılara baxdı.
O, bir aşıb-daşan, qoca ağacları kötüyü ilə alıb aparan qəhvəyi sulara, bir də buxarlanan şum torpaqlara göz yetirir, dərindən köks ötürərək düşünürdü: «Ah, bunda, dünyanın bu nemətlərində mənim də bir barmaq payım olaydı. Heç olmasa çox yox, bir çərək yerim, bir çanaq suyum olaydı, Necə əkər, necə becərər, necə bəslərdim. Mənim də qapım çuval dolusu taxıl, evim təknə dolusu çörək görərdi. Mən qabarlı əllərimi qulağıma qoyar, sinəmin sazına toxunub mahnı çağırardım:
Dolayda kəklik qovdum
Dağda yemlikdən doydum.
Mənə bol ruzi verən,
Torpağa nişan qoydum.
Quşum uçdu kələkdən,
Əlim düşdü biləkdən,
Bitməz şikayətim var,
Mürüvvətsiz fələkdən.
Dağlar, bizə qar göndər,
Əsirgəmə var göndər,
Baharda selin olsun,
Payızında bar göndər.
Dağlar bayatıyam mən,
İlin elatıyam mən,
Yazın muştuluqçusu,
Qanadlı atıyam mən…
Cavan oğlan sanki göylərə səpdiyi, yaz küləyinə verdiyi mahnıları ilə sinəsini boşaltdı, özündə bir yüngüllük duydu. Nəzərlərini dağdan-kövşəndən yığaraq yenə öz işinə, xışın əlcəyinə güc verib cüt sürməyinə davam etdi. Zəmini başa getməmişdi ki, birdən-birə torpağın işıqlandığını, hər yerdən kölgələrin çəkilib getdiyini duydu. Sanki bir anda kimsə, hansı bir qüvvə isə buludları qovub üfüqləri gümüş kimi təmizlədi. Cavan cütçü başını göyə qaldıranda günorta yerinə qalxan günəşin bütün gücü və əzəməti ilə dayandığını gördü. Sanki bayaq oxunan mahnılardakı həsrət və arzuları günəş eşitmişdi. Ona görə, məhz ona görə dünyaya, hər şeydən əvvəl bu zəhmətli kövşənlərə, cütçülər yurduna həmişəlik və ümumi bir aydınlıq gətirmişdi. Gətirmişdi və hərarətli şüaları ilə adamları, hər kəsdən əvvəl gənc sinəsi həyat həsrətlərindən yanan bu rəncbəri xəbərdar etmək istəmişdi. Cavan oğlana elə gəldi ki, günəş göylərin yuxarı qatından enib gəlmiş, lap ona yaxınlaşmışdır. Səssiz, isti və nurlu baxışları ilə o ancaq bir şey deyir:
– Salam! Salam!
Cavan oğlan elə bil müqəddəs bir sima qarşısında dayanmışdı, özünü itirdi. Əlini yenicə tük gəlmiş üzünə çəkib salavat çevirdi, qamaşan gözlərilə təkrar-təkrar günəşə baxdı: Cütçü yanılmamışdı. Bu ilki bahar heç bir zaman görünməmiş olan ayrı bir bahar idi. Bu ayrı bir həyat, ayrı bir səfa, ayrı dünyadan xəbər verən, milyonların ürək arzularını duyan, oxşayan, oyadan və çiçəklədən bir bahar idi. Cütçü elə bil günəşdən qüvvət, qüdrət aldı, arzuları həqiqətə çevrildi, sevincindən bərk qışqırdı:
– Ay dünya!
Qışqırdı və var qüvvəsini gündən bərkiyən tunc biləklərinə yığaraq torpaqları qaldırmağa, yerin bağrını sökməyə başladı. Deyəsən o, yer üzünə, insanlara, bütün dünyaya yayılan bu şad xəbəri bütün məxluqata, bütün kainata, yerin yeddi qatına da çatdırmaq istəyirdi:
– Qalxın, günəş gəlir! Səadət günəşi!

BİRİNCİ FƏSIL
TƏHQİR
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.
    L. TOLSTOY
– Düş sənə deyirəm!
– Karsan?
– Sənin tutundur?
– Düş deyirəm, düş o budaqdan.
–…Ehsan ağacıdır…
– Düş aşağı, uzun danışma, ağzın yekə olar!
Ağaməcid bunu deyib altdan-yuxarı, Bahara sarı elə tünd və acıqlı baxdı ki, az qaldı uşağın bağrı yarılsın.
Bahar Ağaməcidin üzünü görmədi. O, gündə muncuq kimi işıldayan, qara, dolu və şirin tut dənələrini ağzına qoyur, sanki danışmağa macal tapmırdı. Ancaq səsindən, təhərindən bildi ki, Hacı oğlunun axırıncı sözləri qəti bir əmrdir.
Bahar anlayırdı ki, bunu cavabsız qoymağı bacarmayacaqdır: ya bu saat dinməz-söyləməz tut ağacından düşməli, ya da hərifin üzünə dik durub bozarmalıdı. «Düşmürəm».
Baharın bunu deməyə haqqı varmı?
Əlbəttə, var!
Çünki yaşıl budaqları ilə ətrafa sərbəst qol-qanad atan qocaman tut ağacı Ağaməcidin deyil, heç kəsin deyil, ehsanlıqdır. Kəndin ortasında, kim bilir, nə vaxt və hansı xeyirxah qocanın əkib-yetişdirdiyi bir ağacdır. Meyvəsini hər il uşaqlar və quşlar yeyir.
Bahar, Ələs bəyin quzusunu otarırdı. Çörəyi özündən, ayı yarım çanaq buğdaya quzuçu durmuşdu. Vədəbaşı ağası ondan razı qalsa, bir cüt çanaq da bağışlayacaqdı.
Bahar bu gün lap ac idi. Səhər anasının qənaətlə verdiyi bir parça çörək onu yarımqarın eləmişdi. Yamacda yemlik tapmadı, hava da qızdı. Quzular otdan çəkildi, başlarını yerə dikə-dikə bir-birinə sığınaraq kölgəlik axtarır, toplaşırdılar. Bahar quzuları yaxın bağçaya, yatağa qaytardı, özü qaçıb ehsanlıq tuta çıxdı. İndi də Əbülfət nəvəsi Ağaməcid gəlib onu düşürmək, o çıxdığı budağa özü çıxmaq istəyir.
Bahar inadında dura bilərmi?
Dura bilməz!
Əbülfət uşağı adamın atasını yandırar: Ağaməcid bilirsən kimdir? Hacı oğludur!
Bahar bu acı həqiqəti uşaq ağlı ilə dərk etmişdi. Amma nədənsə, ağacdan düşmək istəmirdi. Nədənsə o, gücünə yox, haqqına güvənmək istəyirdi. Hacı oğlu olmasa da, nökər olsa da, yetim olsa da tut ağacından düşmək istəmirdi.
Ağaməcid acıqlı-acıqlı, cəld yuxarı dırmaşdı:
– Demirəm düş, ay dul arvadın oğlu?
– Düşmürəm!
– Necə?!
Baharın cavabı Ağaməcid üçün gözlənilməz idi. Hirsi başına vurdu, başından yekə danışan bu yoluq gədəni sanki parçalamaq üçün tələsdi:
– Necəəə?..
Ağaməcid ayağını yuxarı budaqlara qoyub dırmaşdıqca, Bahar da uşaq cəldliyi ilə budaqdan-budağa dırmaşırdı. Onun ayaqlarının zərbindən budaqlar əyilir, ağac yırğalanır, tutlar tökülürdü. Bahar quş kimi yüngül, cəld və zirək idi. Ağaməcid nərmənazik idi. Uca və nazik budaqlara ayaq basmağa cəsarət etmirdi. Əlini atmaq üçün rahat və münasib yer axtarırdı. O, addayana qədər Bahar başqa budağa ötürdü.
Onlar ağac başında təngişənəcən qovalaşdılar. Ağaməcid bərk hirslənmişdi. Söyürdü, qan-tər içində hərdən yerə baxıb sanki Baharın başına çırpmağa daş axtarırdı. Bahar fürsət tapdıqca tutdan dərib yeyir, suyunu Ağaməcidin ağ və təmiz paltarına damcıladıb altdan-altdan gülürdü. Axırda Ağaməcid təngişdi, çəkilib bir budaqda dayandı:
– Gəl, öt aşağı, dəymərəm.
– Aldadırsan!
– Dəymərəm, atam canı!
Bahar düşüb gəldi. Ağaməcid oturan ayaq budaqdan ötəndə hərif girəvəyə salıb onun çiynindən bərk bir təpik vurdu.
– Adam oğlu deyilsənmi?!
Baharın sözü ağzında qaldı; ayağı budaqdan üzüldü, cəld əlini ağaca atdı, budaqdan sallana-sallana qaldı. Ağaməcid bir da vurmaq istəyəndə Bahar onun ayağından, topuq bəndindən yapışdı. Budaq şaraqqıltı ilə qırıldı, hər ikisi gurumbultu ilə yerə gəldi. Ağaməcid əvvəl yazıq-yazıq zarıdı, sonra qışqırdı. Bahar ağrıyan ayağını tutub ufuldadı. Qalxmaq istəyəndə Ağaməcid onun üstünə cumdu. Çılpaq başına vurmaq üçün Baharın papağını götürüb bir tərəfə atdı. Bahar əllərini qabağa verib qorunurdu. Ağaməcid döyməmiş əl çəkmək istəmirdi. Bahar onun yaxasından bərk-bərk yapışdı. Ağaməcid dartınanda yaxası bez kimi cırıldı. Kimsə qəfildən Baharı qulaqladı:
Nə cürətlə ona sataşırsan, a qodux?!
– O məni niyə yıxır?
– Yalan danışma, itin küçüyü!
– O məni itələyib ağacdan saldı.
– Kəs səsini!
– Atamın qəbri haqqı!
– Görüm atan səni yanına çəksin!
Yoldan ötənlərin səsi eşidilirdi: «Yekə arvadsan, uşağa niyə qoşulursan, ayıb deyilmi?», «Aciz görmüsən?», «Heç utanmırsan?»
Ağaməcidin anası Qarınca xanım (əslində bu qadının adı Məsmə idi. Anasının uşağı qalmırdı. Gözaydınlığa gələnlər «qarıyınca yaşa-sın» deyə xeyir-dua verirdilər. Bu söz o qədər təkrar olundu ki, qız böyüyəndə də, ərə gedəndən sonra da «Qarınca» ləqəbi ilə çağrıldı). Baharın qolundan bərk-bərk tutmuşdu, macal tapıb danışanlara da cavab verirdi;
– Sizə borc deyil!
Qarınca xanım Baharın qulaqlarını dartır, qollarını, yanaqlarını çimdikdən keçirirdi. Hirsi soyumadı. Uşağın qədək arxalığını əynindən çıxarıb peysərinə yumruq vurdu. Lüt yola saldı.
– Get, – dedi, – uşağın paltar bahasını gətir!
Bahar döyüldü, söyüldü və soyuldusa da, qorxusundan evlərinə gedə bilmədi. Qardaşından çəkinirdi. Bilirdi ki, Ağaməcidin atası bilsə Mərdanı söyəcək, Mərdan acıqlanacaq, dalaşacaq.
Anası Baharı çox sevərdi.
Bunu yazmamaq da olar; çünki hər bir ana övladını sevir və sevməlidir. Lakin Sona arvadın analıq sevgisində çoxlarına xas olmayan ayrı bir əlamət, ayrı bir xüsusiyyət vardı.
Uşaq iki yaşına çatmamış, təzə dil açıb şirin-şirin danışan zaman atası yatalaq azarına düşdü. Dili tutuldu, işarə ilə vəsiyyət edib Baharı Sonaya tapşırdı. Sonanın heç yadından çıxmaz; yatağında mum kimi saralan, şam kimi əriyən o mehriban və həsrət kişinin nigaran, xırda və sönük gözləri körpə uşağa, torpaq döşəmədə ayaqyalın tappır-tuppur yeriyən, başının üstünü almış fəlakətdən xəbərsiz olan uşağa dikilmişdi, baxışı ilə çox mətləblər deyirdi…
Sonaya elə gəlirdi ki, uşaqlarını yetim və ehtiyac içində tərk edib gedən kişi həmişə qəbirdə narahatdır. Sal daşların altında, yaş torpaqlar üstündə hər dəqiqə başını qaldırıb körpə, yetim oğluna baxır…
Sona indi əziz uşağını lüt, gözüyaşlı, döyülmüş, təhqir olunmuş görəndə ürəyinin başı yandı. Gözünün yaşını oğlundan gizlətdi. Baharın əlindən tutub Hacı İbrahimxəlilin qapısına, Qarınca xanım-dan «iltimasa» getdi.
– Bağışlayın, yetimdir, uşaqdır, bilməyib, qələt eləyib. Özüm onun tənbehini eləyəcəyəm. Ölüncə döyəcəyəm, paltarın verin, lütdür, canı yoxdur. Soyuq dəyməsin!
Sona bunları Ağaməcidə deyəndə Qarınca xanım eyvanda çay içirdi.
Qoy oxucu onu da bilsin ki, Qarınca xanımın toyunda samovara salınan od, ömrübillah yandı, bir dəfə də sönmədi. Sarı və qarpızı samovar gah eyvanda, gah otaqda, gah həyətdə ağac altında qoyulardı. Dağda, aranda, toyda, yasda həmişə onun həzin səsi gələrdi. İllər uzunu pıqqapıq qaynayan, boşalıb-dolan samovar Qarınca xanıma musiqi səsi kimi nəşə verərdi. Hərdən yayın istisində Hacı deyərdi:
– Ay rəhmətliyin qızı, heç olmasa bu yemiş-qarpız vaxtı çayı az elə!
Qarınca xanımın acığı tutardı:
– Çayın bir yeri var, yemiş-qarpızın da bir yeri!
O, həmişəki nəşəsilə eyvanda, qabağında rəngli çay, döşəkcə üstündə ətli qıçlarını çarpazlayıb oturmuşdu və Sonanın səsini eşidəndə də qalxıb qapıya çıxmaq, ağzına gələni demək, söyüb qovmaq istədi. Lakin qalxa bilmədi: nahardan sonra iki qab dovğa içmişdi. Amma istidənmi, əsəbilikdənmi, yenə yanğısı sönmürdü. Qabağında dörd stəkan çay, iki stəkan süd yan-yana düzülmüşdü. Soyumaq üçün töküb hazır qoymuşdu, bir ucdan daraşıb içəcəkdi. Nəşəsini pozmadı, əlini atıb pəncərəni açdı, ağzını küçəyə sarı çevirib kola hürən it kimi səsləndi. Sonaya cavab verdi:
– Paltar-maltar yoxdur, bilməmişik, uşağımızı geyindirib-gecindirək, sizin bicləriniz dartıb cırsın!
Sonra dönüb nökərinə dedi:
– Ədə, o qaraçını qapıdan rədd elə getsin! Hacı eşidər, uşağını özünə qatar, özünü uşağına.
Sona, Qarınca xanımın halına bələd idi. Düz qayıtdı. Uşağın çiyninə bir köhnə paltar saldı. Mərdanın biçindən qayıtmasını gözlədi.
Mərdan Hacının yanına gedib üzr istəsə, yalvar-yaxar eləsə, bəlkə ürəyi yumşala, uşağın paltarını qaytara…
Mərdan ol biçinindən qaş qaralanda qayıtdı. Kərəntini mıxçadan asdı, quru yerdə oturmaq istəmədi. Anasının çırpıb yük yerinə qoyduğu «Yusif Züleyxa» xalçasını açdı. üstündə qabaq-qabağa gül iyləyən Yusifin və Züleyxanın üzünə baxıb ah çəkdi. Xalçanın üstündə sanki çoxdankı bir həsrətlə rahatca uzandı. Elə arxayın, elə şirin uzandı ki, deyərdin bütün ömrü boyu çəkdiyi əziyyətlərin hamısını bir anda yadından çıxarmaq istəyir. Anası həyətin kənar tərəfini sulayıb süpürmüşdü. Köhnə bir palaz salıb balış qoymuşdu. Mərdana dedi:
– Dur, oğul, dur bu yanda uzan.
Mərdan qalxmaq istəmədi:
– Bu xalçanı kimə saxlayırsan, ay ana?
– Dur, az danış, kimə saxlayacağam…
Bunu deyib xalçanın ucundan tutdu, sanki Mərdanı itələyib yerə salmaq istəyirdi. Mərdan altdan-yuxarı, yorğun, mənalı nəzərlə anasına baxdı, heç nə demədi, durmağa məcbur oldu. O bilirdi ki, anası gəlinliyində toxuduğu, «Yusif-Züleyxa»nın şəklini çəkdiyi bu xalçanı çox əziz tutur, böyük bir arzu ilə yəqin ki, oğlunun toyuna saxlayır. Mərdan ağır-ağır qalxdı və sanki bayaqdan gizlətdiyi sözü anasına yox, elə-belə havasına danışdı:
– Müsəlmanın işi belədir, xalça-palazı yük yerində çürüdər, özünün də canı çul üstündə çıxar!
Sona oğlundan dönə-dönə eşitdiyi bu sözlərə məna vermədi:
– Uşaqsan hələ, – dedi, – bala. Ev yiyəsi olmamısan, dabanla qapını açmamısan, nə bilirsən səliqə-sahman nədir.
İyirmi ildən çoxdur onu üfürə-üfürə saxlamışam, bir niyyətim var ki, saxlamışam da! Əcəldən aman olar, görərsən niyə saxlamışam. Yox, ölərəmsə, onda heç!
– Sən niyə ölürsən, ay ana, o qədər ölməlilər var ki!
Mərdan qalxıb dolağını açdı, çarıqlarını soyunmağa başladı. Hər dolağı açdıqca, çarıqbağını boşaltdıqca sanki keyimiş damarlarına, qurumuş barmaqlarına qan yeriyir, həyat və hiss gəlirdi. O, yorğunluğunu ancaq indi duyurdu. Paltarını çırpıb küləşdən, tozdan təmizlədi. Anası onun əllərinə sərin su tökdü, sözarası Baharın başına gələni də ehtiyatla danışdı.
– Uşaq lütdür, əsir. Sabah quzuya gedəcək, tifil nə geyinsin, getsin?
Mərdan Baharı çağırdı.
– De görüm, niyə dalaşdınız, a bala, səni kim döydü?
Bahar qəhərləndi, qardaşının mehriban, qayğılı atalıq səsində bir hərarət, bir təsəlli duydu. Böyük bir cinayət eləmiş, sonra peşman olmuş kimi sıxılan və qısılan uşağın çiyninə sanki indi, ancaq indi bir ümid, kömək əli dəydi. Mərdan Baharın yeganə köməyi idi.
Gündüz Ağaməcid ağlayan kimi adamları, qohum-əqrəbası tökülüb gəlmişdi. Baharı döyüb-söymüşdülər. Bahar da kömək arzulamışdı, heç kəsi görməmişdi.
Budur, indi onun da köməyi gəlmişdir. Mərdan təkidlə soruşdu:
– De görüm, səni kim döydü?
Nədənsə Bahar danışa bilmədi. Başını aşağı salıb hönkür-hönkür ağladı. Anası uşağı dilə tutdu, əhvalatı başdan-ayağa, necə var, danışdı, başa saldı ki, Baharın heç bir təqsiri yoxdur.
Mərdan cəld çarıqlarını ayağına çəkdi və acıqlı-acıqlı dedi:
– Düz deyil, ana, Baharın böyük təqsiri var!
Sona and-aman elədi:
– Sənə deyirəm günah Hacı oğlundadır. Uşaq ehsan tutuna da çıxma…
Mərdan Sonanın sözünü ağzında qoydu, ayağa qalxdı.
– Yalan deyirsən, ana, Baharın böyük təqsiri var. Onun təqsiri kasıblıqdır, kasıblıq! Bu zəmanədə kasıblıqdan böyük günah nədir? Canın çıxsın, kasıb olma! Yıxıl öl, kasıb olma!
Mərdanın səsində, hərəkətində başqa həyəcan duyuldu. Sona oğlunun belə, «beyniqanlı» halını az görmüşdü. Cavan, güclü, enlikürək adam, indi ona doğma oğlu, mehriban balası kimi yox, əzəmətli, qüdrətli bir nağıl qəhrəmanı kimi göründü.
Nəyə isə, hər halda qorxulu bir iqdama hazırlaşdığını oğlunun yanan gözlərində, qəti hərəkətində, riqqətli səsində, həyəcanlı sükutunda görüb duyurdu. Duyurdu ki, Mərdan bərk hirslənmişdir. Duyurdu ki, oğlu təngə gəlmişdir. Duyurdu ki, o, Hacının qapısına gedəcək, ancaq tamam ayrı cür gedəcək…
Qadın dediklərinə peşman oldu: «Bu nə iş idi tutdum, beyniqanlıdır. Gedər, artıq-əskik danışar, dilim qurusun, yüzbaşının çənginə düşər, evim yıxılar…»
Bir istədi Mərdanın qabağını kəsib saxlasın. Bir də kiçik oğluna baxıb duruxdu: «Bunun təqsiri nədir? Bu da uşaqdır, bu da insandır, ehsanlıq tut əslən bunun üçün, yetimlər, aclar üçün əkilib, Hacı oğlunda, heç olmasa, darı boyda da insaf gərək ola ya yox?! Bu zülmü kim götürər…»
Sonanın ürəyindəki intiqam hissi hər şeydən güclü idi. İndi o, Mərdanı intizar, qorxu ilə yox, iftixar və havadarlıq hissi ilə yola salırdı:
– «Mərdan neyləsin axı, buna kim dözər axı!..»
Əlini döyünən ürəyinin üstünə qoydu, Mərdan gözdən itənə qədər nəzərini ondan ayırmadı.
Mərdanın hirsləndiyini görüb Bahar da ürəkləndi. O da əlinə ağac alıb qapıya qaçdı. Sanki qardaşına qoşulub düşmən üstünə getməyə, intiqam almağa tələsirdi. Mərdan qoymadı.
– Qayıt, – dedi, – yıxıl yat, bu saat gəlirəm!
Sona Mərdanı qapıya qədər yola saldı. Özünü saxlaya bilməyib müntəzir bir səslə dedi:
– Uşaqdır, de ki, anlamayıb. Paltarını qaytarsınlar.
Mərdan qapını çırpıb çıxdı. Həyət divarının dalında, doqqazda bir kölgə kimi göründü, getdikcə kiçildi və gözdən itdi.
Qaranlıq qovuşmuşdu. Kəndin həyətlərində mal yemləyən, inək sağan, buzovu anasından ayıra bilməyən kim, taqqataq darvazanı bərkidən, eyvanda süfrə salıb şama əyləşən kim, biçinçilərə ayran gətirən, namaz qılan, sabah obaşdan işə çıxmaq üçün xurcun hazırlayan kim. Qısa və şirin yuxulu sərin yaz gecəsi hamı üçün əziz və xoş idi. Biçinçilər oraqlarını yağlayıb itiləyir, çobanlar heyvana verməyə duz alırdılar. Nökərlər tövlədə, həyətdə-bacada çalışır, əlləşir, işlərini axşam vaxtı qurtarıb dincəlmək imkanı əldə etmək istəyirdilər.
Hacı İbrahimxəlilin evi kəndin ayağında, göl başında idi. Onun uca hasarlı iri, çargül həyəti, ikimərtəbəli, kirəmitli qırmızı kərpicdən tikilmə böyük, göy eyvanlı evi var idi.
Həyətin kənar tərəfində hasara söykənmiş xırda damlarda anbar, samanlıq, mətbəx yerləşirdi. Nökər, qulluqçu və mal-qara üçün bir «içəri» yaxud «dal» həyəti də var idi. Ona görə «içəri» həyət deyirdilər ki, bura qonaq-qara buraxılmırdı. Bəzi təsərrüfat işləri də burada görülürdü.
Mərdan küçədən həyətə boylandı.
– Ay Hacı əmi, Hacı əmi!
Cavab gəlmədi.
Hacının evindən çıxan bir qadın Mərdana dedi:
– Hacı o üzdədir, ay bala, taya basdırır.
Mərdan itdən qorunmaq üçün əlinə çubuq aldı. Darvaza tərəfdən keçib içəri həyətə getdi. Burada inək-buzov mələşirdi. Qadınlar badyalar dolusu südü təndirbaşına aparırdılar. İtlər yal içirdi. Hacı əlində qəlyan, səkidə dayanıb işləyən nökərlərə tamaşa eləyir, əmrlər verirdi.
Mərdan qəzəb və həyəcanını gizlədərək mülayim bir səslə salam verdi:
– Axşamınız xeyir!
Hacı ona tərəf gələn qaraltını bayaqdan seçirdi, lakin tanıya bilmirdi, əhəmiyyət də vermirdi. Səsindən Mərdanı tanıdı və bunu çoxdan gözləyirmiş kimi tez qəlyanı ağzından çəkdi:
– A biqeyrət oğlu, küçüyünüzü niyə yığışdırmırsız qapı-bacadan?
Mərdan yol boyu özünü məcbur edib hirsini boğmağa çalışırdı.
Onu da qət etmişdi ki, «Hacıya güzəşt getmək yoxdur!» Mərdan söyüşləri elə bil eşitmədi, yenə da sakit danışdı:
– Hacı əmi, zəhmət çəkin, bizim uşağın paltarını verdirin, bir qələtdir…
Hacı onun sözünü ağzında qoyub bir az da bərkdən dedi:
– Niyə çəkib küçüyünü qılçana bağlamırsan? Səndən soruşuram…
Hacının son sualı həmişə ağalığa alışmış, qarşısındakının itaətindən zövq alan qoluzorlunun amiranə bir sualı idi. Ona görə də dedi, bir an sükut edib cavab istədi:
– Səndən soruşuram!
Mərdan qəzəbini boğdu, vəziyyətini dəyişmədi:
– Hacı əmi, ayıbdır sizin üçün!
Hacı cırıltılı səslə həyəti başına aldı:
– Lüt oğlu lütün qanı bahasına danışmağına bir bax!
Mərdanın səbri tükənmişdi:
– Hacı əmi, sizə nə layiq, ağsaqqalsınız!
– Kiri, donuz oğlu!
– Hacı əmi, böyüksünüz!
– Mənə moizə oxumağına bir bax! Sabah atanı yan…
– Hacı əmi, möminsiniz axı! Atamın adını niyə çəkirsiniz? Niyə qoymursunuz o, qəbirdə rahat yatsın?!
– İtil gözümün qabağından!
– Hacı əmi, axı Məkkəyə getmisiniz!..
– Məkkə adı çəkmək sənin kimi itlərə yaraşmaz!
Mardan bir an susdu, dinmədi. Görən deyərdi bu qorxur, ya sözü qurtarıb, ya başqa bir tədbir axtarır. Amma belə deyildi. Bir az duruxduqdan sonra Mərdan səbrinin tükəndiyindən, ürəyində çoxdan kök salmış olan təhlükəli işi icraya hazır olduğunu xəbər verən güclü, nagəhani bir səslə dedi:
– Hacı əmi, yazıqsınız!
Hacı bunu eşidəndə qulağına inanmadı, çubuğunu qurşağına sancdı, heyrətindən əllərini dizlərinə qoyub qabağa sarı əyildi:
– Necə?!
Mərdan ayağını tirin üstünə qoyub səkiyə hoppandı. Hacının yaxasından tutub yastıq kimi yerə atdı. Qaranquş kimi üstünə qondu, baş-qulağını yumruqla qızışdırdı.
– Belə, bax, belə, belə!
Mərdan hirsindən boğulurdu. Aləm onun gözünə bir yanar təndir kimi görünürdü. O, özünü bu odun içində sanırdı. Ömrünü, gününü, ailəsini, səadət və ümidini yandıran bu alovun içində yalnız bir şeyi qorumaq, yalnız bir şeyi xilas etmək üçün çalışırdı: şərəfini, izzəti-nəfsini, hüququnu.
Mərdan Hacını təpik altına salıb yumşaltdıqca intiqam hissilə dolu qəlbi də yumşalırdı. Hacının kötək tutan, lakin kötək görməyən cəmdəyinə vurduğu zərbələrlə sanki canındakı ağrıları töküb rahat olurdu.
Hacı İbrahimxəlilin nəriltisinə çıxan qadınlar qışqırıb Mərdanı söyürdülər. Nökərlər yüyürüb Hacını Mərdanın əlindən almaq istədilər. Mərdan acıqlandı:
– Kənar durun! Yaxın gəlməyin!
Əslinə baxsan, nökərlərin araçılıq eləməyi zahir üçün idi. Hacının yediyi kötək onların da ürəyini sərinlədirdi, həm də qəribə gəlirdi. Onlar da Hacıdan yanıqlı idilər. Elə bir dünya olsa idi ki, camaatın haqq-hesabına baxalar, hamının qisasını bir-birindən alalar, onda nökərlər Hacının tükünü «beləcə» didərdilər. Deyəsən, Mərdan məhz belə bir dünyadan gələn, ədalətdən xəbər verən adam idi. Onlar belə bir dünyanın olacağını bilmirdilər. Ona görə də Hacının sitəmlərinə, təhqirlərin birtəhər dözüb baş girləyir, fürsət axtarırdılar. Mərdanın Hacını bu kökə salması nökərlərə qəribə və həm də çox xoş gəlirdi. «Hacını da bu kökə salmaq olarmış!» Onlar xəlvəti bir-birinə deyirdilər: «Mərdan motal basır!», «Yox, palçıq ayaqlayır!..» «Xəmir yoğurur!»
Onların çoxu buna oxşar hadisələr görmüş, ya eşitmişdi. Kəndlilərin Zülqədarovlara, Şahyarbəylərə necə divan tutduğunu bilirdilər. Lakin onların çoxu öz gözləri qabağında itaətində olduqları ağanın bu kökə düşdüyünü görməmişdilər və gözləmirdilər də. Onlar Hacının hıqqıltı-nıqqıltı ilə dediyi söyüşlərini eşitdikcə, peyin içində eşələnib araqçın axtardığını gördükcə, altdan-altdan gülür, bir-birinə göz vururdular.
Mövlam kişi sevincindən özünü saxlaya bilməyib evinə gəldi. Üzünü arvadına tutub muştuluq verən kimi danışdı:
– Mən dünyada çox tamaşalar görmüşəm, özümə görə az-çox ləzzət çəkmişəm. Vallah, bugünkü ləzzəti ömrümdə görməmişəm. Sonanın oğlu, əlinə döndüyüm Mərdan Hacı İbrahimxəlilə bir aş bişirdi ki, qiyamətədək dadı damağından getməz. Nə yemisən, turşulu sıyıq! Ay çəkdi ha! Çəkdi ha!.. Hayıf ki, hayıf ki, gəlib baxmadın. Görsəydin hər yumruğu ürəkdən neçə tikan çıxardır! Allah o igidə zaval verməsin, ay arvad, sağlıq olsa, gərək bir şey bişirəsən, Mərdanın xəcalətindən çıxam…
Mərdan yorğun idi. Ayağı ilə Hacını təpikləyir, əli ilə tərini silir, tövşüyürdü. Nökərlərdən biri onun yanından külək kimi tünd ötdü və pıçıldadı:
– Durma, ələ keçərsən!
Mərdan bir Hacıya, bir nökərə baxdı. Hacının yaxasından qopartdığı gümüş saat sepoçqanı ovcunda oynatdı, cibinə qoydu:
– Uşağın paltarını gətirəndə, saatı apararsan!
Bunu deyib həyətdən çıxdı.
Hacının isə eşitmək taqəti qalmamışdı. Gah qılçasını, gah başını tutub sızıldayırdı, aşağıdan-yuxarı, yaralı tülkü ovçuya göz yetirən kimi baxırdı. Qurşağı yerdən sürünür, mandulə arxalığının parçalanmış yaxası sallanırdı. O, ufuldaya-ufuldaya, söyə-söyə qalxdı, üzünü nökərlərə tutdu:
– Siz də mat-mat baxırsınız, çörək tutsun gözünüzü!
Dinən olmadı, kim idisə deməyə bir söz tapdı:
– Biz nə bilək! – dedi. – Ay Hacı ağa, elə bildik ki, aranızda haqq-hesabınız var.
Hacı ufuldadı, əyri baxdı:
– Belə də haqq-hesab olar?
– Mən bilmədim, yoxsa onun cavabını verməyə nə var?
Hacı çömbəlib başını ovcuna aldı. Deyəsən, başını qarpız kimi sıxırdı. Sıxırdı ki, oradan bir çarə, bir tədbir tapıb çıxarsın.
Hacının səyi hədər getmədi. Bir şey yadına düşmüş kimi ikiəlli dizinə döydü, yerə oturdu:
– Vay mənim yadıma şiş batsın! Deyinən, ay külbaş, Ağarəşidin gümüş xəncərini sandıqdan çıxartsana! Çıxartxsana, it oğlunun qarnına soxsana!
Nökər onun qolundan tutub qaldırdı:
– Hacı ağa, yaxşı olub çıxartmamısınız, əldən gedərdi, hayıfdır!
Evə qayıdanda Mərdanın acığı bir az soyumuşdu. İşin axırını fikirləşirdi: «Yəqin Hacı şikayətə gedəcək, iş böyüdüləcək, rəng alacaq, protokol bağlanacaq… Burada həbs məsələsi var. Əbülfət uşağı – Hacının qardaşı oğlanları bu hayıfı yerdə qoymazlar. Divan-dərə əllərindədir. Adamı küçənin ortasında, günün günorta çağı vurub yıxa bilərlər. Kim kimədir!» Anası isə Mərdanı sevincək qarşıladı:
– Əziz qonağımız gəlib, səhərdən haradasan?
Mərdan içəri girib «xoşgəldin» eləmək üçün yuxarı başa baxdı. Bir adam görmədikdə üzünü çevirib soruşmaq istəyirdi ki, «hanı?» Qapıya tərəf yönələndə Sureni gördü:
– Suren!
– Mərdan!
İki yoldaş bir-birinə elə sarıldılar, elə suvaşdılar ki, görən deyərdi bunlar uzun illərin həsrəti imişlər və qiyamətədək aralanmayacaqlar.
Sona bu mənzərəyə dərin bir həsrət, odlu bir həyəcanla baxırdı. Baxırdı, gözlərindən ixtiyarsız axan isti damcıları hiss edirdi. Bu göz yaşları nədir. bunlar nə üçündür!
Oxucum, olmuşdurmu, olmuşdurmu ki, candan əziz ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan? Axtarmısan, lakin sizi ayıran zaman, məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur.
Belə bir vəziyyətdə, gözlənilmədən, birdən-birə ürək sirdaşın ilə qarşılaşırsan. Burada adamın bütün qanı qəlbinə axır, ürək döyünür, gözlər böyüyür, sifət işıqlanır, güman edirsən ki, bütün arzuların qol açıb səni qucaqladı.
Mərdan da belə idi, Suren də belə idi. Düşmənlər alçaq fitnə ilə qardaşı qardaşdan, dostu dostdan, qonşunu qonşudan eləmək istəyirdilər.
Belə bir axşamda iki gənc rəncbərin, iki sirdaşın bir-birinə qovuşması Sonaya da, Mərdana da, Surenə də şirin yuxu kimi gəlirdi. Qucaqlaşanların əlləri bir-birinin kürəyində elə bərk kilidlənmişdi ki, deyərdin bır də açılmayacaq!..
Mərdan qollarını açıb Surenin üzünə baxdı, sanki illər ayrılığından sonra dostunun necə dəyişdiyini yoxlamaq istəyirdi. Nə hiss etdisə, bir də qucaqladı, səsində ayrı bir sevinc duyuldu.
– Ay Suren, zəmanə bizi nə ayrı saldı! Bəs kefin-halın? Səndən nə əcəb, Asmiq xala necədir? Otur görək.
Mərdan bu qarışıq günlərdə, bu şər vaxtında gözlənməyən qonağın nə üçün gecə gəldiyini soruşmamışdan bilirdi. Dağ kəndlərində talan və qırğın salan hökumət adamları əlsiz-ayaqsız camaatı da tərk eləyirdilər. «Yəqin ki, Suren baş götürüb qaçıb. Bəs o, nə üçün və nə cəsarətlə müsəlman kəndinə gəlmişdir?»
Bunu soruşmaq istəyirdi, lakin söhbəti arxayın vaxta qoymağı, hələlik təcili tədbir görməyi məsləhət bildi. Qapıya çıxıb ətrafa, küçəyə-bacaya baxdı, qonşu həyətə boylandı, sükutu dinlədi, həyət qapısını örtüb qayıtdı.
– Bilirəm, Suren, – dedi, – mənim evimə kefə-damaga, deyib-gülməyə gəlməmisən, qardaş. Allah baisin evini yıxsın! Bizi bir-birimizdən elədilər. Deyib-gülməyə yamanca həsrət qoydular. Bilirəm, qaçıb bura pənah gətirmisən, yaxşı iş görmüsən, ağıllı iş görmüsən.
Sona söhbətə qarışdı:
– Heç kəs, heç kəs bilməyib, Suren sakitcə gəldi. Bəs bu nə səfərdir, ay oğul, niyə məndən gizlədirsən?
Mərdan dedi:
– Bu saat, ay ana, bizi axtarırlar, kənddən çıxmalıyıq.
Sona bu ağır xəbərdən özünü itirdi. Rəngi qaçdı, yavaş, ehtiyatlı bir səslə dedi:
– Bəlkə bu yaxın yerlərdə daldalanasınız?
– Yox, ana, buralarda bizə gün işığını haram eləyərlər. Şəhər böyük yerdir… kim tanıyacaq, fəhlə baba…
– Bütün kənd sizi qoruyar, nə olub ki!
– Baxma, kəndin də gücü çatmaz, hər evi, hər kol dibini axtarırlar, iş qorxuludur!
– Bir yerini-yurdunu bilməyimmi?
– Sağlıq olsun, yazarıq, darıxmayın, ana!
Mərdan qardaşına, cunası parça-parça olmuş bir mitil altında büzüşərək yatan Bahara tərəf baxdı, anasına tapşırdı:
– Bahardan muğayat ol, fürsət tapsam, tez qayıdacağam'
Baharın adı gələndə Sonanın dərdi artdı və ürəkdən bir ah çəkdi:
– Tifil uşaq, ataya həsrət, qardaşdan da ayrılır!
– Ana, bir o deyil, minlərlə qardaşı, bacını, ana-balanı didərgin salırlar. İş başında cəlladlar, quldurlar oturub. Özün ki, bilirsən!
– Görüm heç sağ oturmasınlar!
Dostlar qapıdan çıxanda Bahar şirin yuxuda idi. Anası gözlərinin yaşını silir, ağlamağını qonaqdan gizlətmək üçün üzünü yana çevirib deyirdi:
– Uzaq getməyin, yaddan çıxarmayın, ay Mərdan, bilmirəm Bahara nə deyəcəyəm.
Mərdanın da qəlbi kövrəldi:
– Əlac nədir, ay ana, ovut, birtəhər ovut, sağlıq olsun görüşərik.
Mərdan və Suren, hər ikisi, qayğısız, dünyadan xəbərsiz yatan yorğun uşağın alnından öpüb evdən çıxdı.
– Salamat qal, ana!
– Salamat qalın, xala!
– Uğur olsun, balalarım!
– Can sənin, can Bahar əmanəti, ana!
– Hələ ki, sağam, xatircəm ol! Tez xəbər yollayın!
– Nigaran olma!
Şaraqqaşaraq qapı döyüləndə Mərdan ilə Suren divarın o üzündə, Kürdoğlunun bağında idilər. İkinci kərə qapı bərk çalxalananda onlar arpa zəmisi ilə yeyinləyib kənddən uzaqlaşırdılar. Lakin həm Mərdanın, həm Surenin ürəyi arxada, evdə qalmışdı. Onlar nigaran gedirdilər. Bəlkə də onlar qapı döyülməsini eşitsəydilər, qayıdar, gələnlərə cavab verərdilər.
Sona oğlunu yola salanda qapını örtüb möhkəm bərkitmişdi. Qüssə onu boğmuşdu. Su gətirmək bəhanəsilə arxın başında, əlində kuzə oturub ağlayırdı. Qapı döyüləndə tez evə yüyürdü. Lampanın işığını azaltdı, pəncərənin pərdəsini saldı. Həyətə çıxdı:
– Kimsən?
Sanki onun səsinə qapını daha da bərk döydülər. Daşlamı, təpikləmi, tüfəng küpü iləmi, bəlli deyildi. Ancaq bərk bir şeylə qapını elə çırpırdılar ki, az qalırdı divar sökülüb-tökülsün, çərçivə çıxsın.
Sona ehtiyatla qapıya tərəf getdi.
– Kimsən, qapı döyən?
– Ev yiyəsi hanı?
Bu səs Sonaya tanış gəldisə də, müəyyən edə bilmədi. Baş barmağının ucunda yavaş yeridi. Qapının arasından baxdı, bir şey görmədi. Qapını açdı, gödək və qıllıpapaq bir kişi dayanmışdı. Kişi əllərini xəncərinin qaşına qoymuşdu. Qapı açılan kimi soruşdu:
– Ev yiyəsini bəri çağır!
Sona arvad Hacı İbrahimxəlilin böyük oğlu Ağarəşidi tanıdı:
– Nə buyurursunuz?
– Buyurmağım yoxdur, qulluğunuza ərz eləməyə gəlmişəm!
Sona duruxdu. Ağarəşid bir də soruşdu:
– Bu evin kişisi var, ya yox?
Sona təkrar elədi:
– Nə buyurursunuz?
– Buyurmağım odur ki, kişi qabağına arvad çıxmaz!
Söz Sonanı tutdu. Özünü saxlaya bilməyib dedi:
– Arvad qabağında artıq-əskik danışmaq da kişiyə yaraşmaz, sözün var, söz danış!
Ağarəşid bir az ucadan dedi:
– Hanı, hanı o igid oğlun, bir qapıya çıxsın, danışaq!
– Evdə yoxdur!
– Necə yoxdur, ay arvad, bəri çağır!
– Yoxdur evdə, deyirəm yoxdur!
Ağarəşid quduz bir baxışla Sonanı başdan-ayağa süzdü:
– Bəlkə tumanının arasına girib, bir silkin görək!
Sona yerdən bir daş alıb elə hirslə Ağarəşidin üstünə atdı ki, dəysə, sür-sümüyünü sındıracaqdı.
– İtin qoduğu, məndən nə istəyirsən, bəs deyilmi?
Ağarəşid kənara hoppanıb özünü daşdan güclə qorudu: «Nə kafir arvaddı bu», – deyə qorxu, vahimə ilə dalı-dalı çəkildi.
Sona qapını bərk çırpıb qayıtdı.
Ağarəşid qapıda barmağını silkələyir, Mərdanın evdə olmadığını yəqin edib daha da havalı danışır, meydan oxuyurdu:
– Gizlən, ayaqyalın oğlu ayaqyalın, gizlən! Əlbət bir kənd içinə çıxacaqsan! Ya gərək sən dünya işığına həsrət qalasan, ya gərək mən papaq əvəzinə başıma ləçək bağlayam… Gizlən!
Bu sözləri deyib, yastı, qıllı papağını göyə qaldırdı, bayraq kimi silkələdi. Dönüb gedən də Sonanın evinə tərəf baxıb, bütün hirsi, kin və ədavəti ilə təkrar etdi:
– Gizlən… gizlən! Heç eybi yoxdur!..
Ağarəşid ötüb gedəndə çəpərin dibindən, söyüd ağacları altından iki nəfər hoppanıb yola çıxdı. Onlar tez də gözdən itdilər.
Söz yox ki, Ağarəşid hampalığına, belinin xəncərinə, qolunun qüvvətinə, sözünün kəsərinə arxalansa da, təkə-təklikdə Mərdanın üstünə gələ bilməzdi. Atasının döyülməsi xəbəri bir dəqiqədə bütün kəndə yayılanda, Mərdanın küçələri basa-basa gəlib Hacı kişini, kəndin ağsaqqalını, necə deyərlər, «tac-sərini» tamam bihörmət elədiyini eşidəndə Ağarəşidin canına lərzə düşmüş, özünü yığışdırmışdı. Bütün ətraf kəndlərdə rəncbərin, kəndlinin «cızığından çıxması» lap aydın surətdə Ağarəşidə göründü. Mərdan isə gələcək təhlükəli bir düşmən kimi onun gözündə böyüyür, ürəyinə vahimə salırdı. Ancaq o bunu büruzə verməməyə çalışırdı. Həyətdə, döyülən atasının başına yığışanların yanında atılıb-düşür, igidlik göstərir, hop-hop gəlirdi.
Hacı «bu saat» yüzbaşının dalınca adam göndərmək istəyirdi. Qarınca xanım birbaşa pristavı çağırmaq üçün atlı çapdırmağı tələb edirdi. Kimi axunddan şikayətlənir, ərizə yazılmasını məsləhət görürdü. Kimi Mərdanın «öyrədildiyini» iddia edirdi. Hacının qardaşı oğlu Bala Əbülfət irəli yeridi:
– Ay canım, ərizəni adamdan yazarlar, o nə itdir əlindən ərizə yazıla? Rəncbərdən də ərizə yazılarmı? Onun vayına oturmaq mənciyəzin boynuna! Bizə şikayətçilik yaraşmaz. Bizimki igidlikdir: rast gəldimi, vur öldür, dağıt. Qoy səndən şikayətə getsınlər. Kişi arvaddan şikayət eləməz, arvad kişidən şikayət eləyər. Mənim əllərimi pişik yeməyib ki? Şikayətim budur ey, var olsun yaman günün yarağı – qaşlı xəncər. Bu saat o lüt oğlunun baş-gözündə qırmızı xətlə bir ərizə yazım ki, qiyamətəcən şəhərbəşəhər oxunsun!
Bala Əbülfət bunu deyib qapıya yönəlmək istəyəndə sanki Ağarəşid yuxudan ayıldı:
– Əmioğlu, – dedi, – sən dayan, özüm öhdəsindən gələrəm.
Əmisi oğlanlarının da ona qoşulduğunu görüb cürətləndi, düşmən üstünə üçlükdə gəldilər. Öz aralarında tədbir tökmüşdülər. Ağarəşid qabaqca hərifi çağıracaqdı. Hərif onu tək görüb çıxanda o birilər quzğun kimi töküləcəkdilər üstünə.
Ağarəşid məhz yanınca gətirdiyi əmisi oğlanlarına arxalanaraq Sona ilə ucadan danışıb hədə-qorxu gəlir, meydan oxuyurdu.
Səhər açılmamış yüzbaşı Yassar Lətif Mərdangilin qapısını kəsdi. Sonra arvadın üstünə qışqırdı ki, «ya Mərdanı ver, ya dürüst yerin de!»
Sona and-aman elədi.
– Ay Lətif qardaş, özüm də bilmirəm. Axşam evdən çıxdığıdır.
Əhvalatı da özgədən eşitmişəm.
Yassar Lətif qaşqabağını töküb ədalı-ədalı soruşdu:
– Kimə biçirdi?
– Heydər uşağına!
– Aşağıküçəlilərəmi?
– Bəli, aşağıküçəlilərə!
Yüzbaşı atı Heydər uşağının biçənəyinə çapdı, güman edirdi ki, Mərdan biçinə getmiş olar. Biçənəkdə şehi qurumamış ot içində iki nəfər kərənti çalırdı. Deyildiyinə görə, Mərdan heç bu günü işə gəlməmişdi.

İKİNCİ FƏSİL
«PONYATNO! PONYATNO!»
Qarışqa qanad gətirəndə ölümü yaxınlaşar.
    ATALAR SÖZÜ
Bahar Daşlıcada quzu otarırdı. Təpənin böyründə qar ərimiş, yenicə qurumuş quzeydə bir otluq yer tapmışdı. Sıx bitən körpə, yaşıl məxmər otlar torpağı örtmüşdü. Bahar quzuları mal-heyvan ayağı dəyməmiş bu xam yerə buraxdı.
O, həmişə otluq yer tapanda sevinərdi, çünki quzular, tərs çəpişlər uzağa getmir, başıaşağı otlayırdılar. Quzuların xırıt-xırıt otlamağı Baharın xoşuna gəlirdi. Aclığın dadını bildiyi üçün quzunu doyurmamış evə qaytarmaq istəməzdi.
Quzular ota daraşıb bir yerə komalaşanda Bahar arxayın oldu ki, heyvan buradan özünü doyurmamış çəkilməyəcək, heç yerə getməyəcək. Bir də gün əyiləndə dərəyə tökmək, suvarmaq lazım olacaq. Bahar indi özünü dinc, sərbəst hiss etdi, oynamaq istədi. Əl edib aşağıdakı quzuçuları hayladı. Qonşuları Mürsəl də dərədə otarırdı. Baharın səsini eşidib quzuları yuxarı diklədi.
Bahar onun özünü çağırırdı. Oynamağa çağırırdı. Hay vurdu.
– Özün gəl, ay Mürsəl, özün!
Mürsəl quzuların dalınca yüyürüb ağzını qaytarırdı. Ayaq səslərindən Baharın dediklərini yaxşı eşitmədi. Dayanıb əlini alnına qoydu, ona sarı baxdı. Bahar əli ilə işarə verirdi.
– Ayə, özün gəl, quzuları gətirmə, ey, gətirmə!
Mürsəl cavab verdi:
– Başına buraxa bilmərəm axı!
– Buradan baxarsan, görükür!
– Uzaqdır, sonra bir şey olar.
– Nə olacaq günün günortasında.
Mürsəl razı olmadı:
– Oynamıram!
Bahar qışqırdı:
– Yaxşı, sür gəlsin!
Mürsəl də quzularını Baharınkılara qatdı. Onunkular lap ac idi, Bayaqdan dərədə, su kənarında, daşlar arasından tək-tək ot yarpağı tapan quzular indi lap yaşıllığa düşmüş, xırpaxırp salmışdılar. Çoxu tez-tez otlaya-otlaya sanki bir məhvər ətrafında hərlənirdi. Öz dövrəsindəki otu elə təmiz yeyirdi ki, deyəsən bu yeri, bir boşluq, tala açmaq üçün oraqla biçiblər.
Mürsəl belə quzularına «təndirqoyan» deyirdi.
Bahar çarığının burnu ilə torpağı eşib hamarladı:
– Qat-qat oynayaq.
– Məndə aşıq azdır.
– Məndə də. Səndə neçədir?
– Ver bir az.
Bahar yumruğunu düydü. Mürsələ tərəf tutdu.
– Təksən, cüt?
Mürsəl onun balaca yumruğunu ovcuna aldı, ovcunda soyuq bir daş duydu, diqqətlə baxdı. Onun balaca, quru barmaqlarında budaqlanan göy damarları və hətta sümükləri də görünürdü. Ancaq təkmi, cütmü daş götürdüyünü bilmək olmurdu. Barmaqlarını ovcuna bərk sıxmışdı. Əli ilə Baharın yumruğuna vurub dedi:
– Tək!
Oyun Baharın idi. O, cibindən çıxartdığı rəngbərəng aşıqlardan bir çəngə yerə tökdü, iki dənəsi alçı durdu.
– Ötür iki aşıq!
Mürsəl əlini cibinə salıb aşıqları çəngələdi, lakin cibindən çıxarmadı. Başını yana əyib cibində aşıqlara baxdı, xırdasını və pisini seçdi, Baharın üstünə atdı.
– Ədə, a çoban, quzuyu qaytar hay!.. Qoruğa qoyma hay!
Bahar dik atıldı. Quzular uzaqlaşmışdı. Bir neçəsi təpəciyi aşıb qoruğa yaxınlaşırdı. Mürsəl dedi:
– Mənimkilər təndir qoyur, sən yüyür!
Bahar enişə doğru qaçdı. Mürsəl qoruqçunun qorxusundan öz quzularını ayırdı. Bahar dərəyə yaxın qoruğun mərzindən quzuları haylayıb geriyə apardı.
Qoruqçu kövşəndə olanda oynamaq qorxulu idi. Bahar aşıqlarını gizlədib quzunun dalınca düşdü. Ağacı çiyninə qoyub fit verə-verə yeriyir, hərdən dərəyə daş atır, kol-kosu eşələyir, quş axtarırdı.
Belə yerlərdə qaranquş, qazalaq, göyərçin, bildirçin, kəklik yuvası çox olurdu. Baharın gözü otların arasında bir şeyə sataşdı. Diqqət eləyəndə dayandı. Ot basmış daşlar altında çil-çil bir şey görünürdü. Bu, quş qanadı deyilmi? Bahar əyiləndə kəkliyin başını gördü. Kəklik tərpənmirdi. Bahar yavaş yeridi. Papağını tez yuvanın ağzına basdı. Kəklik bərk çırpındı, qanad çaldı. Az qaldı əldən çıxsın. Bahar onun quyruğundan yapışdı. Quş dartınıb uçmaq istəyirdi. Bahar onu sevincək, ikiəlli qucağına basmışdı. Kəkliyin bala çıxardığını zənn edib yuvasına baxanda boz və balaca yumurtalar gördü. İsti, göyçək yumurtaları aşıq kimi ovuclayıb cibinə doldurdu. Dünyaları fəth etmiş kimi yeyin, sevincək yeridi. Mürsəli arzuladı. O inanmayacaq, inanmayacaq ki, Bahar kəkliyi diri tutmuşdur. Bahar isə daş altında gördüyü yuvaya necə ehtiyatla yanaşdığını danışacaq, yoldaşını daha da heyrətə salacaqdı… Bu hisslə yoldaşını neçə dəfə çağırdısa da cavab gəlmədi. Mürsəl dərədən o taya aşmış, uzaqlaşmışdı.
Burada dağlar arasında isə kimsə yox idi. Quzular balaca sahiblərinin şənliyindən xəbərsiz kimi başıaşağı otlayır, addım-addım yeriyirdilər.
Bahar quzularını ağzı yuxarı diklədi, özü da xeyli dikləndi, sonra dönüb üfüqə baxdı. Ayaz göy məxmər pərdəsini dağların üstünə salmışdı. Tək-tək uçan, ağır ləngərlə qayalar üstündə dövrə vuran qartallar hərdən ildırım kimi yerə şığıyırdı, o saat tülkü, dovşan səsi eşidilirdi. Bahar da indi bir ovçu idi. Onun ovu gözəl, qaragöz kəklik idi.
Bu axşam Baharın sevinci hədsiz idi. Özünü itirmişdi. Danışmağa adam axtarırdı.
Kölgəsinə baxıb vaxta çox qaldığını gördü. Kölgələr yenicə sallanır, gün yenicə əyilirdi. Bahar quzuların dalınca gedir, kəkliyin balaca, yumşaq, yaraşıqlı başını tumarlayıb badam kimi iri, qəşəng, sanki sürməli gözlərinə baxır, xəyal eləyirdi:
«Anam məni öpəcək. Deyəcəyəm kəkliyimə qəfəs al, bala çıxartsın, çöldən sünbül gətirim, yemləyim, böyüdüm, qağam biçindən qayıdanda, Suren əmim qonaq gələndə biz də quş kəsək…»
Bahar qucağında quş, əl ağacını qoltuğuna sıxmış, xoşbəxt xəyallar içində yoxuşu sürətlə çıxırdı. Birdən qəlbindən bir pıçıltı qopdu. Sanki ürəyi sinəsindən uçub getdı. Bahar yüngülləşən kimi olub xəyaldan ayıldı, dayandı. Dərəyə sarı uçan, güclü və iti qanadları ilə havanı yarıb gedən kəkliyə həsrətlə baxdı. Qucağının soyuduğunu hiss etdi. Bəlkə birtəhər tutmaq, daşla vurmaq gümanı ilə yüyürdü. Xeyli qaçmışdı. Səs eşitdi. Deyəsən kimi isə çağırırlar. Söyüd ağaclarının altında iki adamın əl elədiyini gördü. Dayandı. Gələnləri gözlədi. Biri Ağarəşidə bənzəyirdi, o birini tanımaq olmurdu. Bahar dizində soyuqluq duydu. Diqqət edəndə dizliyinin bir yandan sapsarı saraldığını, yumurtaların ovxam-ovxam olduğunu gördü. Çiynindən çörək dəsmalını açıb təmizlədi, cibini qurutmaq üçün tərsinə çevirdi. Bayaqkı aydın, təzə və xoş xəyalların yerinə yenə həmişəki ağır, qaranlıq, həsrətli yetimlik pərdəsi çulğadı.
Gələn Ağarəşid ilə Yassar Lətif idi. Bahar onların harasa ötüb gedəcəklərini güman edirdi. Dümdüz ona sarı gəldiklərini görüb məəttəl qaldı. «Mənnən nə işləri var?»
Çatan kimi Ağarəşid Baharın qolundan tutub sürüdü:
– Sən bizə gərəksən!
Bahar qorxdu, qışqırıb ağladı. Yassar yüzbaşı ona toxtaq verirdi:
– Qorxma. bala, söz soruşacağıq, qorxma!
Bahar getmək istəmirdi:
– Soruşun da, burada soruşun, deyim!
– Bura yeri deyil, gəl!
– Quzularım başınadı!
– Gəl, sənə deyirlər, gəl!!!
Yassar Lətif uşağı itələdi. Bahar elə zənn etdi ki, dərəyə, döyməyə aparırlar, Ağlayıb yalvardı:
– A Lətif dayı! Qurban olum, a yüzbaşı! Məni hara aparırsan?
– Qaraçılıq eləmə, gəl!
Bahar qorxusundan bilmədi nə etsin. «Ana, ana!» deyib gözünün yaşını tökdü.
Yassar bir qoltuğundan, Ağarəşid də bir qoltuğundan götürüb canavar quzu aparan kimi Baharı apardılar. Uşağın ayağı yerdən üzülmüşdü.
Baharın qışqırtı və yalvarışı gövşənə düşmüşdü. Biçinçilər haraya çatmaq üçün səs gələn tərəfə dikləndilər. Yassar çömçə kimi iri və sərt ovcunu uşağın ağzına basanda quzeydən qışqırdılar:
– Bağrı çatlar, ay kişi!..
– Sürümək nə üçün, özü gedir ki!..
Birisi bərkdən deyirdi:
– Sənin Allahın yoxdurmu, a namərd, uşağın nə günahı var? Acizmi tapmısan, a yüzbaşı!
– Qansız!
Bu səsləri Yassar eşidir, daha da hirslənirdi. Dişi bağırsağını kəsirdi. «Nə üçün gecə ilə uşağı çağırıb xəlvəti danışdırmadı, onda, belə hay-küy düşməzdi! Kəndlinin ağzını yummaq da asan deyil!»
Yassar, Baharın qollarından bərk-bərk tutub sürüyürdü. Dodağını gəmirə-gəmirə, qızaran gözlərini düzlərə yayındırıb baxırdı. Baxırdı, ürəyində hədə gəlirdi: «Ay it uşağı, yüzbaşını uzaqda görürsünüz! Əlbət başım açılar, sizə də bir əl qataram. Baxarsınız, Allahım var, ya yoxdur!»
Mürsəl quzularını dərəyə suvarmağa aparmışdı, Baharın qışqırıq səsini eşidib diksindi. Ona elə gəldi ki, Baharı ilan vurub, ya cana-vara rast gəlib. Çomağını qapıb səs gələn tərəfə yüyürdü. Uca, sıldırım qayalar Baharın səsini alıb bir az da bərk və bir az da yanıqlı təkrar edir, sanki bütün aləmi – dağları, daşları köməyə çağırırdı. Mürsəl var gücü ilə qaçırdı. Səsin boğulduğunu duyub ağlamsındı. Özünü Baharın yanına saldı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/mir-dzhalal-pashaev/bir-g-ncin-manifesti-68386396/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Bir gəncin manifesti Мир Джалал Пашаев
Bir gəncin manifesti

Мир Джалал Пашаев

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Bir gəncin manifesti, электронная книга автора Мир Джалал Пашаев на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв