Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri

Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri
Mikayıl Müşfiq
Mikayıl Müşfiqin seçmə əsərlərindən ibarət olan bu kitabda müxtəlif illərin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağılları toplanmışdır.

Mikayıl Müşfiq
Mən şirin ləhcəli bir bülbüləm…

ŞEİRLƏR

1926

ÖLKƏM
Dünyamızı seyr etdim min dürlü həvəslərlə,
Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Baxdım doludur yarlar şən qəlbili kəslərlə,
Pək şad olaraq güldüm abad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Baxdım ki, duman görməz yüksəkləri billuri,
İnsanları matəmsiz, istəkləri billuri,
Dağlar, ovalar gülşən, hər bir yeri billuri,
Hər şey gülüyor gördüm, pək şad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır,
Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır,
Sevdalı könüllərdə sevdikləri yar vardır,
Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Vicdanları pək şəffaf, insanları nurani,
Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!
Qaplar yarın artıq sağ dünyaları ürfanı.
Hər yer güləcək, nura mötad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

1927

ANA
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
O fidanı bəzi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki: – Mənə dəymə, yazığım!
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
İndi mənə hər kəs: – Anan, baban varmı? – söyləsə,
Diyorum ki, – qapılmadan bir xülyaya, bir hissə –
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

SEVGİLƏR
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, ruzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyalətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

DÜDÜK SƏDALARI
Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə,
Tıxanır qulağımız sinirli bir ahəngə,
O zaman xəyalımız düdüklər coşmuş sanır.
Bir çılğın ürpərişlə bu hayqıran düduklər,
Boynumuza həyatın ağır yükünü yüklər,
Nəhayət hər tərəfdə gediş-gəliş başlanır.
Toplaşır əməkçilər iş başına həvəslə,
– Üfüqlər bürünürkən fəcirdən bir kömləyə, –
Düdüklərin əmrini yerinə yetirməyə.
– Çağırınız bizləri kəsilməyən nəfəslə
Düdüklər! Yorulmadan çağırınız bizləri,
Təqib edəcəyiz bir hərəkətlə sizləri.
Ey hər düdük ruhundan ruha axan sədalar,
Ürəklərdə şən əmək şamı yaxan sədalar,
Sizinlə makinanın düyünləri açılır.
Boruların ağzından qaçıb uzaqlaşınca,
Sürətli dalğalarla siz bizə yaxlaşınca,
İçimizə həyatın cilvələri saçılır.
Düdüklərin müsəlsəl uzun çağırışları,
Havada bu görünməz səslərin yarışları
Sayəsində çözülür sükunətin bağları.
Bəzən təbəssümlərlə cilvələr bulursunuz,
Bəzən tutqun gözlərin şahidi olursunuz
Ey düdük sədaları! Ey düdük sədaları!

XALI
İşçi qız, toxuduğun o divar xalısında
Heyran oldum ürəkdən işlədiyin sənətə,
Bir gözəllik əsəri verdin bəşəriyyətə.
Böyüklüyün çoxuna məchul ikən əvvəllər,
Vurduğun naxışların, qız, ən bahalısında
Meydana çıxdı bu gün səndəki böyük hünər.
Qabarlanan o incə, o nazik barmaqların
Birinin təəssüflə cəlb etsə nəzərini,
Alqışlar tutacaqdır o baxışın yerini.
İnan ki, qonaqların önünə çıxsa yarın,
Xalında rəngi-ruhu solmayan o ulduzlar,
Həm sənin, həm ölkənin göylərini yaldızlar.
Sən ey Şərqin əməkçi qızı, çırpın, qanadlan!
Bürüyəcək şöhrətin bu sənət meydanını,
Ola bilməz çəkdiyin zəhməti gözdən salan.
Birsən sənət yolunda candan keçən ərlərlə,
Meydana buraxdığın böylə şah əsərlərlə
Ucaldırsan ölkəmin şöhrətini, şanını.

ÜSYANA BAŞLA
Əsrlərcə şərqlilərə kəsildin acı,
Sən ey vəhşi, sən ey azğın imperyalizm!
Gəl Çindəki üsyanlara baxma qıyqacı,
Düşün, bu gün onlarda var böyük bir əzm.
Qızıl Kanton orduları alovlu bir dağ
Kimi salmış varlığına atəş, zəlzələ,
Şanxay qalsın, Nankinə də etdin əlvida,
İnqilabın zərbəsilə gələrək dilə.
İndi coşqun bir dənizdir hər işçi Çində,
Çəkil geri, qorxutamaz kimsəyi qüvvən,
Sən get hərbin yollarını Kantondan öyrən!
Deyirlər ki, Nankin yanır alov içində,
Yarın sönər zalımların tökdüyü yaşla.
Salam sənə, Çin işçisi, üsyana başla!

DÜŞÜNCƏ
Günəş ipək tellərinin sarımtraq rəngini
Səhər çağı dalğa-dalğa hər tərəfə yayırkən
Gətirirəm xəyalıma bir al bayraq rəngini.
Düşünərək derəm, bu da, əvət bir sabah erkən
Bir dünyanın göylərində günəş kimi hər səhər
Parlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər.
Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclara
Hər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram.
Şən gecələr ay işığı düşürkən yamaclara
Şuraların ellərdəki kölgəsini anıram.
Dilbər sular dalğasına dənizlərdə, göllərdə
Oxuyaram yeni həyat sevdasilə çırpınan,
Əskiliyə üsyan edən könülləri hər zaman.
Yorğun-arğın karvanilə səhralarda, çöllərdə
Bəzi gecə yarı yolda qalanları dinlədim,
– Hankı şeydir yolçulara nicat verən? – söylədim.
Birağızdan dedilər ki, dan yeri, dan ulduzu!
Sordum, bundan gözəli yoxmu parlayanların?
Dalğalandı qarşımda o vaqıt bu diyarın
Al bayrağa sığınmış könül açan ulduzu.

HƏSRƏTLİ QARI
Kürdüstan dağları döşündə bir yol,
Bir yol ki, upuzun, bir yol ki, qıvrıq,
Zümrüd ətəklərlə qapalı sağ, sol.
Ayrıcında yolun bir qarı durmuş,
Alnı düşüncəli, qolları sarqıq,
Yetim baxışlarla boynunu burmuş.
Baxır nəvazişlə ulu dağlara,
Özündən ixtiyar, mutlu dağlara,
Çulğamış üzünü sirli bir hüzn.
Varlıq xəbərsizdir onun halından,
Günəşsə ağ saçlı bürclər dalından
Əl atıb, üzünü açır gündüzün.
Bilinməz qəlbinin daşıdıqları,
Yolçəkən gözlərlə bu məhzun qarı
Doğrudan görəsən kimləri gözlər?
Ey yolçu, ey çoban, ey havalı quş!
Sizi bəkləməkdən artıq yorulmuş
O qaynayan, axan diqqətli gözlər.
İştə bir araba gəlir uzaqdan
Müsəlsəl, qarışıq gurultularla.
Bir tunc əksi-səda qarşıkı dağdan
Söyləyir: “Qarını, durma, xəbərlə!”
Yerində diksinib ixtiyar qadın
Titrəyir, əsərək yarpaq vücudu.
Almaqçın üstünü bir köhnə yadın,
Bir fayton qarının önündə durdu.
Faytonda oturmuş yorğun nəfərlər
Bizim kənd və qəza işçiləridi.
Söydilər: – Ana! Nə var, nə xəbər?
Qadın yolçulara ruhunu gərdi.
Qovmaq istər kimi tutqun fikrini,
Bir kirpik çalaraq, başını silkdi.
Yolçular süzüncə biri-birini,
Qadın gözlərini onlara dikdi…
Könül dəftərini vərəqləyincə
Saçıldı boşluğa xalis incilər.
Başından keçəni incədən-incə
Açdı yolçulara, dedi müxtəsər:
– Ay bala! On iki il bundan qabaq bir
İmansız ayrılıq mana qurdu dam.
Fələk dedikləri daşürəkli pir
Parlaq gündüzümü eylədi axşam.
O zaman bir oğlum ayrıldı məndən,
Oxumaq istəyib getdi Tiflisə,
Sanki ruhum uzaq düşdü bədəndən,
Qapıldı varlığım bir acı hissə.
Dedim: – Getmə, bala, hənuz uşaqsın,
Dünyanın işini bilən tapılmaz;
İstərmisən göylər başımda çaqsın?
İnsan olan bəndə hissə qapılmaz.
Beş sənə oxudun, kifayət edər,
Umudum sənədir, vaz keç səfərdən.
Mənə kim baxacaq? Olma dərbədər.
Nə qədər yalvarıb-yaxardımsa mən
Zərrəcə sözlərim etmədi təsir
Oğlumun döyünən ürəkciyinə.
– Doğrudan analıq bir şey deyildir, –
Cavan xatırına dəyməyib yenə,
Titrəyə-titrəyə söylədim: – Oğul!..
Get, artıq, səfərin uğurlu olsun!
Tanrı niyazını eyləsin qəbul,
Yolun al yanaqlı güllərlə dolsun!
Mən onu canımdan artıq sevərdim,
Bir an düşərdisə gözümdən iraq.
Artardı həsrətim, artardı dərdim,
Hər zərrədən onu edərdim soraq.
Can bağımda qüdsi bir ağac əkdim,
Nədənsə dadmadım bir şey barından.
Mən onu gözləmiş, gözləyəcəkdim
Yayın istisindən, qışın qarından.
Buraxdı Tiflisi, sonra, deyirlər,
Bir başqa dəryada yelkən açdı o.
Bir yavru quş kimi düşdü dərbədər,
Bilməm baş götürüb hara qaçdı o?
Bu ucsuz-bucaqsız ellərə sordum,
Sordum dənizlərə, coşdu dalğalar.
Salxım-salxım əsən yellərə sordum,
Gəzdirdim dərdimi diyarbadiyar.
İçimdə qüssədən bir xəzinə var,
Könlüm bir adadır qəm dəryasında.
Açmasam dərdimi, kim bilir nə var
Ömrümün qaranlıq macərasında?
Könlüm dayanmadı, falçıya getdim,
Çəkdi dırnağıma qərib bir şəkil;
O şəklə bir qədər tamaşa etdim,
Qarşımda bir xəyal olundu hasil.
Əvət, dırnağımda gördüm oğlumu,
Həp eyni paltarda, eyni biçimdə.
Derkən falçı mana: – Övladın bumu?
Bir ilan qıvrıldı sanki içimdə.
– Şahsuvar, Şahsuvar! – deyib ağladım,
İçimdə sızladı bir yanıq kaman.
Darğın sular kimi coşub çağladım,
Gözümdən od çıxdı, başımdan duman.
Şahsuvardan bir az kiçik oğlumu
Əsgəran davası aldı əlimdən.
O gündən ixtiyar, xəstə könlümü
Dünyaya xoş baxan görməmişəm mən.
Sonra dava düşdü, çevrildi dünya;
Bunu məndən gözəl siz bilirsiniz.
Dəyişdi kökündən dağ, dəniz, qaya,
Dəyişdi hər qədəm, dəyişdi hər iz.
Biz qonşumuz olan ermənilərlə
Yaşardıq bir yerdə canciyər kibi.
Kim tapdı davaya bilməm vəsilə,
Bilməm “böyüklər”in nəydi mətləbi?!
Dağıldı ölkələr, talandı ellər,
Sonalar oylağı tarımar oldu.
Qəm tərənnüm etdi sevdalı dillər,
Ellərin şənliyi xakisar oldu.
Bizim halımıza tutuldu göylər,
Buludlar belini büküb ağladı.
Qəlbimi yatağan duyğular kəsər
Zehnimdə gəzdikcə keçmişin yadı.
Hər duman bir ahdı, hər səs hıçqırıq
O zaman ruhumuz gəlirkən dilə.
İndi yeddi sənə oldu ki, artıq
Qəlbimiz döyünür öz qaydasilə.
İndi, ey bu yoldan ötən yolçular!
Axı, burda mənim kimim, nəyim var?
İndi mən bu halda neyləyim, ey dost?
Qoy sizə dərdimi söyləyim, ey dost!
Derlər, Şahsuvarım gəlmiş yaxında,
Xoş günə çıxarmış onu ayrılıq.
Hər kəs öz keyfində, öz damağında,
Yerimdən oynadır məni ayrılıq.
Derlər, Şahsuvarım bir böyük kimi
İşləyir Bakının mədənlərində.
Mənsə hicranını ağır yük kimi
Çəkirəm ömrümün “rəhgüzərində”.
Hər gələndən onu soraqlayırkən
İxtiyar canımdan bezgin çağımda.
Keçən günlərimi varaqlayırkən
Gülməyim də gəlir, ağlamağım da.
İndi bu göydəki buludlar kimi,
Qarşınızdan ötən bir ruzgar kimi
O dilbər çay kimi burdan keçərkən,
Salamlar aparın oğluma məndən.
Söyləyin: yolunu sənin gözləyir
Həsrətli gözlərlə dərdli bir qarı.
Həp səni gözləyir, səni özləyir
Qəlbinin qərarsız çırpınışları!
Yolçular dedilər: – Qulaqlarımız
Yaxşı xəbərlərə açıqdır, ana!
Sifarişlərini yerli-yerində
Gedib çatdırarıq, yəqin, oğluna.
Dinləyib qarını incədən-incə,
Azacıq bir zaman söhbət etdilər…
Aradan bir xəfif ruzgar əsincə
Getdilər, yolçular varıb getdilər.
– Yolçu yolda gərək! – deyə, atlara
Dəydi ilan kimi iti qamçılar.
Təkərlər torpağı cırmaqlayınca,
Gözlərdən itmişdi bizim ixtiyar.
İxtiyar gözlərdən itmişdi, ancaq
Yolçular da varıb getmişdi. Ancaq,
– Leyla, Leyla! – deyə ətrafa pəsdən
Bir çoban türküsü yayılmadaydı…
Sanki ilham alıb varlıq bu səsdən,
Canlılar qəşş edib bayılmadaydı,
Cansızlar uyqudan ayılmadaydı,
ayılmadaydı!..

DİLƏNÇİ
Sərt, soyuq bir qış gecəsi… Səma bəyaz, yer bəyaz,
Uğuldayan küləklərlə sarsılmada soqaqlar.
Hər kimin ki, qanadı var çovğun olsa darılmaz,
Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar.
Gələn də var, gedən də var, mən də varam bu gecə,
Təbiətin dəhşətləri titrədiyor ətrafı.
Bir bucaqda yorğun titrək əllərilə kəmənçə
Çalan zəif bir ixtiyar inlədiyor ətrafı.
Yanında bir yavrusu var, yorulmadan çalıyor.
Kamançanın simlərindən qopan yanıq havalar
İncəldikcə, hər kəs ondan acı bir həzz alıyor.
Yellər dəxi vəlvələli ötüyorkən bu yoldan,
Yavaş-yavaş səslərini dəyişdirib bir qadar,
Onlar dəxi uzaqlarda, ağlıyorlar könüldən.
– Ey ixtiyar, sən ey zalım, məzlum dolu illərin
Ürəklərə kədər saçan, ələm verən töhfəsi!
Acı dolu, əzab dolu, zülüm dolu illərin
Mərhəmətsiz fırçalarla qaralanmış lövhəsi!
Sənin artıq vaxtın ötmüş,
Səni dövran səfil etmiş.
Fəqət onu, o sevimli qızcığazı,
Olma razı,
Qış dondursun, günəş yaxsın.
Burax onun əllərini,
Burax onun hörülməmiş tellərini.
Qoy buraxsın
Oxuduğu yanıq, xəstə havaları.
Burax, barı
Çağlıyorkən yurdumuzda yaşayışın selləri,
Bəlkə öpsün gözlərini səadətin yelləri.

1928

TORPAQ VƏ TRAKTOR
Qranit damarları ey çəlik qanlı torpaq,
Paltarı sərt dəmirdən əli qalxanlı torpaq,
Nə der sinəndə meydan sulayan, hayqıran div?
Der ki, mənim varlığım uyuşub yatan deyil,
Dişləri tez oynayan xış deyil, kotan deyil,
Köksünü bıçaqlayan, qollarını qıran div!
Gəl yeni cəlladını – bu nəri dinlə, torpaq,
Onun çıxardığı gur səsləri dinlə, torpaq.
Ayaq iti, baş yekə, saçlar buluddan siyah…
Möhtəşəm gövdəsilə keçərkən üzərindən,
Neçə neştər iz qaldı qartlaşan içərindən,
Bizim div çınlatarkən qulaqlarında qah-qah?..

TOZANAQ
Yenə toz… aman, bu toz buludları nə istər
Bilməm səndən, ey Bakı, sən ey atəş diyarı!
Sən birdən dirçəlib, birdən boy atan şəhər,
Üzərindən qovsana bu iynəli ruzgarı!
Neçin soqaqlarından yolçular ötən zaman
Saçlarını oxşamaz lətif əsən küləklər?
Neçin yanıq çöllərin bitirməmiş bir fidan?
Neçin sinəni öpməz gözü yaşlı çiçəklər?
O dilbərin… qaşları altındakı güllər, ah,
Rəvamıdır bulansın zəhərli tozlarınla?
O bir yaz səhərindən daha şux olan nigah[1 - Nigah – baxış]
Rəvamıdır sıxılsın hər acı ruzgarınla?
Buna səbəb mənmiyəm, yoxsa keçmişin oğlu?
Yoxsa səni bu hala salmış qoca təbiət?
Bu söz düzmü, doğrumu, bu əsrin mətin oğlu
Diyor: – Xayır, deyildir məndən uca təbiət!
Hər şey bu bir cüt qolun əsiriykən, niçin də
Bu günahı üstünə atalım təbiətin?!
İstəsəydi daima gül yarpaqlar içində
Bəsləyərdi cismini o keçmiş cəmiyyətin.
Fəqət onlar yanmadı, əkmədilər bir ağac,
Bir bağ salmadılar heç qum dolu çöllərində;
Bir yetimin halını andıran bu ehtiyac
Təmin olunur ancaq bu günün əllərində.
Tozlanmış, bir vərəmli kitab oxutdurmasın
Hər tozanaq sinəndə yaşayan bu gənc elə.
İstəməm, o küləklər pəncərəmi vurmasın
Sapsarı bir kölgənin qubarlı əllərilə!
Mən istərəm dörd yanın ormanlarla qapansın,
Nəfəs alıb verəsən göy yarpaqlar içində.
Mən istərəm gənc oğlun, mən istərəm gənc qızın
Gəzdikcə zövqə dalsın kölgə bağlar içində.
O zaman Vaqif kimi, şaqrayan Nədim kibi
Sayrıyaraq həvəslə kim eyləməz tərənnüm?
Onda hansı şairin hasil olmaz mətləbi
Ağaclıqlarda ellər eylədikcə təkəllüm?[2 - Təkəllüm – müsahibə]
Onda iki tərəfdən mənə təsir edərsən,
Onda iki eşq ilə qəlbimi titrədərsən.
Onda sinəndə bitmiş dalğalı otlarından,
Vərəqlərlə oxşanan qaynar zavodlarından
Alıb doyunca ilham,
Mən hər səhər, hər axşam,
Bağırarkən şerimi mən bar-bar üfüqlərə
Onda göy saçlarını oxşayan dadlı yellər,
Deyil dəmir qanadlı, ipək qanadlı yellər
Bəstələyib şerimi, qaçarlar üfüqlərə.

GÜLÜŞLƏR
Gülüş vardır səslərinə tunc əkslər yapdırır,
Gülüş vardır könülləri ruzgarlara qapdırır.
Bəzi tikər könüllərdə alovlardan bir məbəd,
İllər boyu atəşinə insanlığı tapdırır.
Bürünərək çoxu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa.
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa.
Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi,
Zəncirləyər uçanları halqalandıqca bəzi,
Bəzi sıcaq görüşlərə doğru yollar göstərir.
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan
Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçin qanad verir, can verir.

BİR LÖVHƏ
İştə səksən yaşında beli bükük bir qadın
Aylar, illər bilmədən qırmış qolun, qanadın.
Zaman çəkmiş canına gözlərinin nurunu,
Ömrü almış əlindən qəlbinin sürurunu.
Vücudunun son bahar yarpağından fərqi yox,
Dodağında bir gülüş, bir qaynayan şərqi yox.
Çöhrəsində pərişan buludların var əksi,
Əllərində sərinlik – bir məzar hədiyyəsi.
Əmmiş uzun illərin baharını, qışını,
Məclislərin bulunmuş nəşəsində, qəmində.
Bürümüş ən nəhayət kölgələr baxışını,
İndi gəzər xəyalı məzarlıq aləmində.
O yenə yaşamaqdan bıqmamış, usanmamış,
O yorğun, o ziyasız, o qüvvəsiz, o qamış
Vücudilə yenə də ömür sürmək istiyor,
“Ah nə olur bir az da gözlərim görsə!..” diyor.
Ey hənuz gəncliyinin dəmlərini yaşıyan,
Qəlbində gur dalğalı çağlayanlar daşıyan,
O səksən yaşlı qadın yaşamaq istiyorkən
Bilməm niçin həyatdan uzaqlaşmadasın sən?

ƏYYAŞ
Ruzgar… çovqun, qar, ətraf əsim-əsim əsmədə,
Başlar köküsdə… lakin soqaqda bir qaraltı
Gərinib bükülmədə, şaxta onu kəsmədə,
Buzdan bir cam kəsilmiş ayaqlarının altı.
Durmadan söylənmədə o kəndi-kəndisilə
Alnının çuxurunda parlıyor iki məşəl.
Sağdan, soldan küləklər vurub üzünə sillə
Yıxmaq istiyor onu şəffaf dəmirdən bir əl.
Yox sözlərində məna, canında yox ixtiyar,
Qollar, bacaqlar həpsi qarışmış bir-birinə,
Əlvida etmiş ona şəxsiyyət, izzət, vüqar,
Düşmüş uğursuz, acı bir adətin girinə.
Sağ əlində bir şişə, sol cibində bir şişə,
Hankı böyük bir səbəb onu bu hala salmış?
Çəkmiş hankı bir əməl biçarəni bu işə,
Hankı təsadüfdən o, bu yaman günə qalmış?
Alnında bir bəyaz qəm, – bir dilənçi günündə –
Üzü günəşdən qızıl, içi qarlardan ağdır.
O, şimdi durdu yüksək bir binanın önündə,
Keçmişini yaşatmış bu evə baxdı… baxdı…
Qılınc kimi kəsici şaxtanın şiddətilə
İştə çürük bir ağac cansız uzandı yerə.
İçində bəslədiyi müvəbbəd qüdrətilə
Bir quşsa qanad açdı ağ çadralı göylərə.
Buram-buram qıvrılıb həmlə edincə ruzgar,
Bu əyyaş qaldırımdan üzüstə yerə düşdü.
Qəlbində son döyüntü, səsində xırıltılar
Bəyaz tənli daşlarla qucaqlaşdı, öpüşdü.
Əvət həyat dənilən bu döyüş meydanından
Basılmamış çıxacaq kimin varsa qanatı.
Əvət, kim şübhə etsə, qüvvətindən, canından
Ac soqaqlar əlində boğulacaq həyatı.
Kimdir bu ilan kimi sürünüb ölən adam,
Çökmüş kaşanələrin bacarıqsız oğlumu?
Nərdə onu yaşadan dünkü parlaq ehtişam,
Onu öldürən kəndi sinifinin yolumu?

NİGAR
Eşq olsun o titrək baxışlarında
Açan çiçəklərə, açan güllərə.
Eşq olsun bu coşqun gənc yaşlarında
Açdığın səmimi şirin dillərə.
Sənsən şeri mənə ilham edən, yar,
And olsun tapdığın varlığa, Nigar!
Mən səni gördükcə böylə sərazad
Yorğun qanadlarım çırpınmaq istər.
Gəl keçən dəmləri etməyəlim yad.
Çalış varlığını aləmə göstər!
Sevincin üzündə olsun aşikar,
Gülsün bəslədiyin əməllər, Nigar!
Uf, andım keçmişi, yarıldı bağrım,
Çökdü gözlərimə süslü bir xəyal.
Qarışdı hafizəm, qazandıqlarım
Oldu bir uçurum, bir dərin məlal.
Gördüm qadınlığı möhnət əsiri,
Köləlik əsiri, minnət əsiri.
Çevirdim üzümü bu günə baxdım,
Könlümə bir bahar nəşəsi doldu.
Ey Şərqin gözəli, üzünə baxdım,
Qəlbimə bir çocuq həvəsi doldu.
Gördüm qadınlığı kitab əsiri,
Ülviyyət əsiri, rübab əsiri.
Bu gün gülümsədi əsirlər boyu
Bir bulud ardında qaralmış üzün.
Bu gün buraxaraq çəhli, uyquyu,
Səsləndi qəlbində canlanan hüzün.
Sən atdın çarşafı, dərdin azaldı,
Bürünmək uğursuz keçmişə qaldı.
Deyirlər sarılıb diləklərinə,
Zəhmətə məftunsan, bir aşıq kimi.
Əmək bağçasının çiçəklərinə
Əllərin dolaşır sarmaşıq kimi.
Bəzən süzülərək gözlər, o gözlər
Yol çəkib uzaqdan nə xəyal özlər?
Doğrudur, şerimin ürəyində, yar,
Çırpınır hüznlü xəfif bir qanat.
Ey div addımlarilə yüksələn diyar,
Fikrini xalqımın zövqilə parlat!
Çünki mən deyiləm yalınız müqəssir,
Məni dərdə salmış o köhnə əsr.
Qələm coşdu, sözüm qaldı ürəkdə;
Odur ki, şerimin dəyəri yoxdur.
Oxuyan gülərək söyləyəcək də
“Müşfiqdə şairlik əsəri yoxdur!”
Xoş gündür çıxalım üz-üzə, Nigar!
Sən nə söyləyirsən bu sözə, Nigar?

GÜLNAZ
Yeni on dörd yaşa girmişdi bu yaz
Sarışın, nəşəli, xırçın Gülnaz.
O gəzinmişdi əzəldən başaçıq,
Yoxdu ruhunda sönüklük, varlıq.
Sadə quşlar kimi pərvasızdı,
Yerə sığmaz uçağan bir qızdı.
İbtidai savad almış bu sənə,
Say vurulmazdı sıcaq nəşəsinə…
Aradan keçmədi bir öylə zaman
Bu dönüş Gülnazı sarsıtdı haman.
Səslənib evdə uğursuz bir zəng,
Sardı ətrafı uzaq bir ahəng.
Elçilər gəldi təbəssüm edərək,
Dedilər: – “Ceyranı” lazım görmək;
Çünki bizlərdə onun ovçusu var.
Müxtəsər, elçi gələn arvadlar
Gördülər xoşladılar qızcığazı,
Baxdılar Gülnaza min kərrə azı.
Bilmədən öylə nişanlandı ərə,
Tutulub qaldı tükənməz kədərə.
Aradan keçdi nəhayət iki il,
İl deyil, hər biri bir dağ təki il.
Gülnaz artıq böyümüş pək məğrur…
Üz-gözündən saçılır şeir, qurur.
Dedi bir gün Gülnaz: – Yaxşı, ana,
Eybi yox mən ki, nişanlandım ona.
Söyləyirlər ki, onun yox savadı,
Bir yığıncaqda çəkilməzmiş adı.
Bir də çox köhnə fikir sahibidir,
Əski, pək əski adamlar kibidir.
Məktəbə getməyə qoymaz ki, məni;
Annə, bilməm ki, kim aldatdı səni.
Bu yamandır ki, eşitməzkən adın,
Məni sən gör kimə qoşdun, caladın!
Annəsi:
Bax, qızım, bax, olan olmuş, keçmiş;
Bax, qızım, yaxşı deyil məncə bu iş.
Doğru, yoxdur savadı, var parası;
Olma gəl annənə, yavrum, ası.
Gəl, quzum, sözlərimə bir qulaq as,
Çıxma yoldan, çox ayıbdır, Gülnaz!
Sənə göndərmiş ipək bir çarşaf,
Öylə çarşaf ki, camalın kimi saf.
Dur da bir sal başına, nazlı bacım,
Qalmasın bəlkə bu könlümdə acım!
Gecə səssizdi gülümsərdi qəmər;
Yoxdu heç şeydə siyahlıqdan əsər.
Vardı gözlərdə, könüllərdə gülüş,
Dadlı bir çarədir hər dərdə gülüş.
Yırtaraq ay gecənin örtüyünü,
Məhv qılmışdı o zülmət yükünü.
Hər tərəf parlaq, üfüqlər ləkəsiz,
Yoxdu göylərdə buludlardan iz.
Bu nəsihətdən olan şən Gülnaz
Qəmli “ilul” kimi tutqundu bir az.
Azacıq hər tərəfi sardı sükut,
İndi Gülnaz mütəhəyyir, məbhut
Düşünürkən, coşaraq qızdı baqın,
Oldu sellər kimi darğın, daşqın,
Dedi: – Annəm, bu qeydsiz hərəkət,
Bilmədən yapdığın, adsız hərəkət,
Nə üçündür, nə deməkdir, göstər!
Bu nəsihət mənə aidmi məgər!
Get zibilliklərə at çarşafını,
Mənə qandırma uğursuz lafını.
Mən nə çarşaf, nə də bir ər tanıram,
Yalnız ən tazə əməllər tanıram.
Məqsədimdir oxumaq, öyrənmək,
Əməlim daim uçub yüksəlmək.
Yox, bulandırma o sözlərlə məni,
Süzmə, dur, şübhəli gözlərlə məni!
Annə, keçmiş o nəsihət vaxtı,
Çünki gəlmiş yeni söhbət vaxtı.
Hünərin varsa bu gündən söylə,
Məni aldatma çürük fikrinlə!
Əsrimin mən gözaçıq yavrusuyum,
Başqadır indi xəyalım, arzum.
Oktyabr mənə vermiş qüvvət,
Bir qızıl duyğu və bir ülviyyət
Ki, onun sayəsi altında mənə
Yeni insan gücü gəlmiş, annə!
Xəbərin yox, annə, mən komsomolum,
Tutduğun yoldan uzaqdır bu yolum.
Bu yolun yolçusuyam mən, annə,
Nə deyirsən bu işə sən, annə?
Bax, yarın dərsimi ikmal edərək,
Şövq ilə getməliyəm kəndə, bu pək,
Pək müqəddəs əməlimdir, məncə…
Bax, gərək kəndlərimiz ürfancə
Açaraq şəhpər ucalsın fələkə.
Məni sən anlamıyırsan bəlkə…
“Bəsləmişdir məni qoynunda bu gün”,
“Bu günün hökmünü öyrən və düşün”.
Bitirib sözlərin artıq Gülnaz,
Annəsin süzdü dərindən o bir az,
dedi:
İstəyirsən yenə azacıq danışım.
Dedi aninəsi:
Bu sözündən, bala, çıxmaz ki, başım!

RADİO
Gizli-gizli havanın raylarından aşaraq,
Düşüncə vadisindən qaçıb uzaqlaşaraq,
Qohum-qardaş bilməyib hər kəsə yaxlaşaraq
Hər yerdən xəbər verir
Allo, allo səsləri.
Əcəb cilvə göstərir
Allo, allo səsləri.
Qıvrım qamçılar vurub dağlara, dənizlərə,
Bir xəbərlə yaxlaşıb uzaqlardan bizlərə,
Yolçuları toplayır bir yığnağa, bir yerə
Hər gün söhbət eyləyən
Allo, allo səsləri.
Hər şeyi tez bəlləyən
Allo, allo səsləri.
Ellər ayrı, ellərdə yaşayanlar da ayrı,
Xəbərsizkən çox işdən ölkələrin müxbiri,
Birləşib sayənizdə həp könül iqlimləri,
Çiçəklənir, allanır
Allo, allo səsləri.
Nəşələnir, hallanır
Allo, allo səsləri.
Nə yellər uğultusu, nə vulkanlar nərəsi,
Nə xəyalı divlərin köpüklü yayqarası,
Qışqırıb bağırsanız kəsilmədən arası
Qiyamət eylərsiniz
Allo, allo səsləri.
Siz başqa bir nərsiniz
Allo, allo səsləri.
Səsinizə tay olmaz sizin keçdi-keçdidə,
Hər yerdə aş orda baş, olmuşsunuz get-gedə,
Bir torpağın, bir evin bütün sərgüzəşti də
İçinizdə saqlıdır
Allo, allo səsləri.
Doğrudan maraqlıdır
Allo, allo səsləri.

PEDTEXNİKUM
Ömrüm səfalətlərin dərin çuxurlarında
Ölgün vərəqlər kimi sürünən bir zamanda,
Dərs alıb bir çırpınan qartal qanadlı quşdan,
Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan.
O vaqıt bir çocuqdum, soqaqlardı məskənim,
Başdan-başa həyatım bir silinməz ləkəydi.
Kimsə bilməzdi sonum nə olacaqdır mənim,
Keçdiyim yollar bütün qazıqdı, təhlükəydi.
Toz-torpağın altımda buraxdığı izləri
Görənlər, sağalmayan bir yaradır, sanırdı.
Quruyordu get-gedə ömrümün dənizləri,
Bir qaynaq həsrətilə gözlərim bulanırdı.
Nazi-nemət içində bəslənən bəxtiyarlar
Sanki diyorlardı ki, yazıq, nəhayətin nə?
Qart daşları güldürən bu köhnə zəngin diyar
Hər baxışda ruhuma saplıyordı bir iynə.
Fəqət böylə qalmadı, bir ana şəfqətilə
Sən bu yetim varlığı qucaqladın, bəslədin.
Yeri-göyü titrədən bir şimşək qüvvətilə
Məni bir dağ başından harayladın, səslədin.
Kim bilir ki, sayəndə qaç zavallı dərbədər
Xilas olmuş saydığım bu məchul acılardan,
Sən, ey ürfan ocağı, sən olmasaydın əgər,
İnsan olurdumu bu gördüyün bəxtiyardan?
Söyləyiniz, kimdir o, bir sıra arxasında,
Qarşısında bir kağız, sağ əlində bir qələm,
Xəyal dənizlərinin köpüklü dalğasında
Açan bəyaz gülləri dərmək istəyən adam?
Kimdir o dalğın çocuq, saçları pəncəsində,
Bir saat ayrılmıyor can sıxan düşüncədən?
Neçin nitqi kəsilmiş, qüvvət yoxdur səsində:
Bir böhran içində o, qıvrılıyor ya nədən?
O mənim, əvət mənim, əvət, ilk xəyallarım,
Çılpaq təsəvvürlərim bu bağçada göyərdi,
Bu bağçada çiçəklər açdı o dörd baharım,
Bu şənlik mənə yüksək insan namini verdi.
Ömrüm səfalətlərin dərin çuxurlarında
Solğun vərəqlər kimi sürünən bir zamanda,
Dərs alıb bir çırpınan qartal qanadlı quşdan,
Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan!..

DAĞLAR
Siz ki bir-birinizdən ayrılmayan əşdiniz,
Sinənizə ayrılıq dağı çəkildi, dağlar!
Aya, hankı cəlladın pəncəsinə keçdiniz,
Niçin böylə qəddiniz sındı, büküldü, dağlar?
Sizin ki, üzünüzdən qaralırdı çox işıq,
Üstünüzdən ötməyə yol bulmazdı bir aşıq.
Qaynaqlara edərkən gədikləri çarpaşıq
Bu gün çəlik bağrınız nədən söküldü, dağlar?
Nallarını küheylan atların qırardınız,
Önünüz əngin dərə, uçurumdu ardınız.
Çayların gur səsilə, üfqə hayqırardınız,
Sizin öncə halınız belə deyildi, dağlar!
Ruzgarları yararkən köksünüz parça-parça,
Ayrı qalırdı quşlar sıradan haftalarca,
Alnınızı buludlar oxşarkən bəxtiyarca,
Dik başınız önümdə nədən əyildi, dağdar?
Üst-üstdən o zaman ki, bıçaqlandı qəlbiniz,
Çaylar sapdı yolundan, narə yandı qəlbiniz,
Barıt dumanlarilə saçaqlandı qəlbiniz,
Axırda bir mum kimi söndü, töküldü, dağlar!
İnsan oğlu – əzəldən o sinə dağlayandı,
Yoxsa onun xəncəri köksünüzə dayandı?!
Başınıza kül oldu, könlünüz oda yandı,
Onda ki, yerinizdə raylar çəkildi, dağlar!

MƏDƏNİ HÜCUM
Xəzandır, xəzandır…
Təbiət kişnəyir yüyənsiz at kibi.
Təbiət varlığı əlində oynadır,
Ruzgarlar qudurmuş, səmalar əsəbi…
Qanadı olanlar köksünü gərəcək
Aləmi titrədən bu fəslin zülmünə.
Odur, bax, zavallı bir yarpaq, bir çiçək
Sürünür torpaqda ölərək. – Kimə nə!..
Təbiət bizləri döyüşə çağırmış,
Bu meydan istiyor qüvvətli pəhlivan.
Xəzandır, xəzandır, önümüz qarlı qış,
İnsan da zərərli çıxarmı bu yoldan?
O bulud, o şimşək, o ruzgar, o vulkan
Diyor ki: – Mənimlə, haydı, çıx döyüşə!
O tufan söylüyor: – Gəl, bu sən, bu meydan!
Bu gərdiş bənzəməz başqa bir gərdişə.
Mədəni hücuma başladıq odur ki,
Bizimlə keçmişdə olmalı ayrılıq.
Bu günün səsləri çınlayıb diyor ki:
– Üzümdə olmasın kölgəlik, sayrılıq.
Hücum et duyduğun varlığa, yoxluğa!
Hücum et sökülmüş şəfəqlər yurduna!
Başında oynayan o duyğu, o dalğa
Girişsin sahilə, baxmadan ardına.
Kənardan gülərkən alovgöz bir mayaq,
Bu daşğın sulardan bizlərə nə qorxu?
Qoy coşsun dalğalar, sən çalma əl-ayaq,
Həyatda mübariz bir ərə nə qorxu!
Qanadın dalğalı, saçların köpüklü,
Çırmala qolunu, düşərək meydana.
Deyirlər qəlbində bir vulkan gömülü,
Şir kimi nərə çək, səda sal cahana!
Ər oğlu ər kimi atılsan meydana,
Hər dodaq namına bəstələr bir şeir.
Ölməkçin doğmadıq, gəlmədik cahana,
Ölməkçin yaşamaq – bu sadə bir işdir.
Biz doğduq biləlim güllərin dilini,
Dağların, daşların, ellərin dilini.
Olalım hər ufaq zərrəyə aşina,
Mənimsə, ey könül, nə çıxsa qarşına!
Bax, bəşər uçduqca hey uçmaq istəmiş,
Göyləri pəncələr yarın o, bəlkə də,
Hər məchul qapını o açmaq istəmiş,
Bir gizli sirr duymuş hər dərin kölgədə.
Qalmasın könüllər, baxışlar buludlu;
Arqadaş, gün kimi açılsın bənizin.
“Geyimlər dəyişdi”, sevəlim bu yolu;
Hökumət, əmr eylə, ürəklər dəyişsin.
Onsuz da genişlik mədəni hücumda…
Bütün xalq bu yolda etməli iştirak.
Nərəmiz salınca aləmə səs-səda,
Göylərin yaxası olmalı çaki-çak.
Qalmasın bu yerdə keçmişin kölgəsi,
Gecənin yerində sökərkən al şafaq.
Bu hücum çağırsın hücuma hər kəsi,
Bu günçün türkülər söyləsin hər dodaq!
Dəyişib batini məscidin, kilsanın,
Kürsüdə oxunsun əsrimin xütbəsi.
Çatlasın ürəyi Musanın, İsanın,
Əhmədin, buddanın tıxansın nəfəsi!
Öyləcə papaq da, öyləcə çadra da
Atılsın, onlara edəlim əlvida.
Ən uzaq dənizdə, ən məchul qarada
Yapılsın bu hücum, çınlasın bu səda!
Hücum et kitaba, hücum et dəftərə!
Çalğıçı, gecikmə, nəğməni sən də çal!
Çal, havan yayılsın yerlərə, göylərə,
Çünki bu əsrimiz istiyor qalmaqal!

BİR GÖRÜNÜŞ
Çıxmışam bir dağa, qarşımda Bakı
Qaynayır, çünki deyil ruha ilıq.
Çınlar hər yanda dərin bir səs-küy,
Duyulur hər küçədən bir çığlıq.
Hara baxsan, görəcəksən itilik,
Yaşayış çalxalanır, bir su kibi.
Üzlər almazlı, baxışlarsa çəlik,
Nəşədir getdiyi yoldan tələbi.
Dün bu yerlərdəki karvan yerini
Ediyor yolçu tramvaylar əvəz;
Boğuyor ölgün azan səslərini
O ağızdan iti radyodakı səs.
Bir tərəfdən göyə qalxan hər ev
Gülüyor boynubükük külbələrə.
Sən də, şair, bu uçan aləmi sev!
Nəşəli gözlərini dikmə yerə!
Raylar üstündə gəzən atlara baq,
Sən də onlar kimi çap, dönmə geri!
Dala baxmaqda nə var? Çırpınaraq
Hər ufaq damla diyor: – Qoş iləri!
Hələ qarşımda Xəzər çalxalanır,
Qıl nəzər, gör nə köpüklənməsi var!
Dalğalar sanki bəyaz quşlardır,
Dəniz üstündə qanadlanmışlar.
Üfqün altında xəfif bir yelkən,
Ah, bu, bir incə xəyaldır, bir əməl,
Bir vapor səslənərək titrərkən
Qamçılar beynimi bir duyğulu əl.
Çıxmışam bir dağa, qarşımda Bakı
Qaynayır, çünki deyil ruha ilıq.
Çınlar hər yanda çəlik bir səs-küy,
Duyulur hər küçədən bir çığlıq.

KÜLƏKLƏR
Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!
Bəziniz qorxulu, bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz uyqulu, bəziniz uyqusuz,
Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Könlümdə nə varsa, açayım dağlara!
Gurlayın, ilhamım, sənətim gurlasın!
Fırtınam, qasırğam, qüdrətim gurlasın!
Şimşəyim parlasın, zülmətim gurlasın!
Ey məni sərazad bəsləyən küləklər,
Bir dağın başından səsləyən küləklər!

AY QIZ
Sən də alıb ələ bir qızıl rübab,
İncə tellərini səsləndir, ay qız.
Döşündən ellərə bağla bir kitab,
Susqun dodaqları dilləndir, ay qız!
Qalmasın sözlərin qəlbində gizli,
Mən görmək istəməm çöhrəni sisli.
Ol arslan ürəkli, şəfəq bənizli,
Gülərək, yurdunu şənləndir, ay qız!
O qara günlərin getsin gəlməsin,
Bir daha keçmişin üzü gülməsin.
Ümidi səndədir məncə hər kəsin,
İndidən ruhunu telləndir, ay qız!

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/mikayil-musfiq/m-n-sirin-l-hc-li-bir-bulbul-m-secilmis-s-rl-ri-68386393/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Nigah – baxış

2
Təkəllüm – müsahibə
Mən şirin ləhcəli bir bülbüləm  Seçilmiş əsərləri Mikayıl Müşfiq
Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri

Mikayıl Müşfiq

Тип: электронная книга

Жанр: Стихи и поэзия

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri, электронная книга автора Mikayıl Müşfiq на азербайджанском языке, в жанре стихи и поэзия

  • Добавить отзыв