Məntiq
Mahir İsrafilov
Kitabda məntiqin aktual problemlərinin (təfəkkür formalarının) konkret təhlili verilməklə, ilk dəfə “Təbii dilin tədqiqi“, “Normalar məntiqi", “Əqli nəticənin məhkəmə praktikasında rolu“, “Arqumentasiya nəzəriyyəsi, onun taktikası" və digər məsələlərə də xüsusi diqqət ayrılmışdır. Kitabın nəzəri və praktik əhəmiyyəti onunla səciyyələnir ki, ondan hər bir insan istifadə edə bilər.
Mahir İsrafilov
Məntiq
MÜƏLLİFDƏN
Məntiq haqqında hər bir adamın müəyyən intuitiv təsəvvürü ola bilər, lakin insan fəaliyyəti haqqında konkret məntiqi biliklərə yiyələnmədən onun mahiyyətini anlamaq çətindir. Hər cür mühakimə yürütmə prosesi məntiqin qanunlarından və əməliyyatlarından istifadə olunmasına əsaslanır. Bu kitabı diqqətlə və aramla oxuyan hər bir oxucu fikir fəaliyyətində məntiqi prinsiplərin, qanunların, əməliyyatların və metodların zəruriliyini bir daha yəqin edəcək.
İnsan fəaliyyətinin bir çox sahələrində intuitiv məntiqlə keçinmək olar, lakin müxtəlif elmlərin öyrənilməsində, elmi tədqiqat işlərində, cəmiyyətin, dövlətin idarə olunmasında məntiqi biliksiz, dialektik təfəkkürsüz istənilən məqsədə çatmaq müşkül məsələdir. Bir çox ixtisas sahələrində: hüquq, jurnalistika, filologiya, tarix və s., xüsusilə hüquqşünaslıqda məntiqin öyrənilməsi qaçılmazdır. Məntiqi qaydaların, qanunların və müxtəlif intellektual-nitqi əməliyyatların öyrənilməsi, bunun nəticəsində yaranan məntiqi vərdişlərin praktikada tətbiq olunması bacarığı həmişə savadlı, bilikli, peşəkar mütəxəssislərin, xüsusilə hüquqşünasların vacib keyfiyyəti sayılmışdır. Fikir fəaliyyəti prinsiplərinin anlaşılması – idrak işinin ən dəyərli cəhətidir, çünki o ağlı itiləşdirir, onu yalana və məntiqsizliyə qarşı ayıq saxlamaqla, öz nəticələrinin ardıcıllığını təmin edir. Bununla da, təfəkkürün nəzəri və tətbiqi sahələrinin bir-birilə əlaqələndirilməsi mümkün olur.
Məntiq ən qədim elmlərdəndir. Cəmiyyətin dəyişilməsi və inkişafı ilə onun tarixi zənginləşmişdir. Bu elm iki min il yarım bundan öncə qədim Yunanıstanda yaransa da, sonrakı dövrlərdə çox inkişaf etmişdir. Məntiqdə elmi inqilablar baş vermişdir ki, bunların nəticəsində məntiqi təhlilin üslubu və metodikası köklü surətdə dəyişmişdir. Müasir dövrdə məntiq dinamik, faydalı elmlərdən biridir, hətta riyazi nəzəriyyələr üçün də ciddilik və dəqiqlik nümunəsidir.
Məntiqin sahələri çoxdur (oxucu kitabın uyğun hissələrində bu barədə informasiya alacaq). Artıq bu elmi elə bir geniş ümmana bənzətmək olar ki, burada hər kəs müxtəlif marşrutla üzə bilər. Lakin bu elmi mücərrəd, cansıxıcı, formal əqli məşğuliyyət sahəsi sayanlar, şübhəsiz ki, bu ümmanda batarlar. Buna görə də, bizcə riyaziyyatçılar, tarixçilər, filosoflar, jurnalistlər və başqa ixtisas sahibləri üçün məntiqdən məşğələ kursları təşkil olunsaydı, onların məntiqi mədəniyyəti yüksələrdi. Bu, bəlkə məddahlıq psixologiyasına bir zərbə vurardı.
Bu dərs vəsaiti humanitar fakültələri, xüsusilə də hüquqşünaslar uçun nəzərdə tutulmuşdur. Buna görə də oxucu kitabın bir sıra xüsusiyyətlərini nəzərə almalı olacaq. Biz burada müasir məntiqin əsas anlayış və ideyalarını şərh etməyimizə baxmayaraq, mürəkkəb, süni, qəliblənmiş sözlərdən qaçmağa çalışmışıq. Çünki müasir məntiqdə geniş tətbiq olunan simvolik işarələri (vasitələri) çox vaxt tələbələrimiz anlaya bilmirlər.
Əsərdə əsas diqqət hüquqi dilin xüsusiyyətlərinə, onun normativ tətbiqinə yönəldilir. Burada məntiqin tədrisi məsələlərinə, onun metodologiyasına, normalar məntiqinə və başqa mövzulara da müəyyən qədər yer verməyi faydalı və zəruri saymışıq. Kitabda mübahisələrin növləri, bunlarda tətbiq olunan korrektə və korrektə olunmayan üsullar gözdən keçirilir, polemika və diskussiya prosesində müraciət edilən ən ümumi tələblər formulə olunur.
Mövzunun açılmasında hüquq ədəbiyyatından daha çox nümunələr gətirməyə çalışmışıq, çünki bizə görə, məntiqin predmeti yalnız mücərrəd nəzəri mühakimələr yürütmək deyil, eyni zamanda, hüquqi fikirlərin gündəlik praktikasıdır.
Hər bir mövzunun sonunda kitaba yoxlama sualları, məsələ və tapşırıqlar, onların hər birinə dair həlli verilən nümunələr daxil etmişik. Bunda məqsədimiz tələbələrdə məntiqi vərdişlərin mükəmməlləşməsinə yardımçı olmaqdır.
Məntiqin nəzəri suallarının başa düşülməsi və mənimsənilməsi, o cümlədən arqumentasiya (dəlilləşdirmə) nəzəriyyəsi, çıxarılan qərarların qəbulu burada bizim məqsədimiz deyil. Başlıca məsələ nəzəri müddəaların mühakimələr, polemikalar, mübahisələr, insanlar tərəfindən öz mövqelərinin dəlilləşmiş sübutu, hesabatların tərtibi, qərarların qəbulu və onların rəsmiləşdirilməsi, qanunların şərhi və tətbiqi prosesində praktik fəaliyyətdə tətbiq etməyi öyrənməkdir.
Məntiqi vərdişlərə yiyələnməkdə məntiqdən məsələ və tapşırıqların, testlərin, yoxlayıcı sualların verilməsinin mühüm rolu və əhəmiyyəti vardır. Biz məsələ və tapşırıqların həllini bütün nəzəri kursun mənimsənilməsindən sonraya saxlanılmasını məqbul saymır, ona görə də tapşırıqları, məsələləri hər bir mövzunun sonunda veririk. Bu təcrübə tələbəni nəzəri materialların mexaniki əzbərləməsindən azad edir, nəzəriyyəni fəal mənimsəməyə səbəb olur, öyrənci təfəkkürünün metodoloji əhəmiyyətini və praktik kəsərini yüksəldir.
Bununla yanaşı, məntiq aləmi arqumentləşdirmə nəzəriyyəsidir və qərarların qəbulu ciddi və qeyri-adi prosesdir. Bu elmin sirlərinə yiyələnmək üçün onu povest, roman kimi birnəfəsə oxumaqla anlamaq çətindir. Hər gün onu oxumaq, təhlil etmək, fikirlər üzərində iş aparmaq gərəkdir. Təəssüf ki, tələbələrimizin əksəriyyəti verilmiş ədəbiyyatı bir dəfə də olsun yaxşı təhlil süzgəcindən keçirmir. İnsan hər an fikirləşməlidir, mühakimə yürütməlidir, topladığı informasiyalardan düzgün nəticə çıxarmağa cəhd etməlidir, onda istədiyi problemin həllinə yaxınlaşa bilər. Niyə tələbələrimiz kitab oxumaqdan, zəhmətə qatlaşmaqdan ilan ulduzdan qorxan kimi qorxurlar? Bunun niyəsini üzə çıxarmaq, çıxış yollarını göstərmək milli qeyrəti, ləyaqəti, vətənpərvərliyi olan hər bir ziyalının, alimin borcudur.
Məntiqin özünəməxsusluğu ondadır ki, onun tədqiqat obyektləri mücərrəddir, əyanilikdən və emosional çalarlardan məhrum görünür. Burada psixoloji şəxsli məqamlar minimuma endirilir, çünki bu sahə duyğuları yox, xalis idrakı əhatə edir. Məntiq aləmilə bizə kömək edən başqa hadisələri canlı obrazlar və təsəvvürlərlə əlaqələndirmək çətindir. Məntiq qanunları konkret nümunələrlə göstərilir, bu bəzən çox iri və biçimsiz yer tutan gerçək təfəkkürdən uzaq söz quruluşu yaradır.
Bununla belə, məntiq aləmi – bizim aləmdir, bizim xüsusi təfəkkürümüzdür, düşüncə səltənətimizdir. Onun əsasında gerçəklikdəki predmet və hadisələr dayanır. Buna görə də hər şeydən azad, birbaşa məntiqi ardıcıllıqla bağlı olmayan asan, saf təfəkkür yoxdur. Xüsusi əqli fəaliyyət forması olan məntiqi təfəkkürün məzmunu dil materiallarının, yazılı və şifahi mətnlərin təhlilində üzə çıxır.
Məntiqi qanun və prinsiplərin gözlənilməsi düzgün və təsirli təfəkkürün ilkin zəminidir. Məntiqsiz (qeyri-məntiqi) təfəkkür isə qarışıqlığı, xaosu ifadə edir.
Heç kim belə bir fikrə irad tuta bilməz ki, hər bir adam mühakimə yürüdə bilər, özü əqli nəticəni qurar, opponentinin dəlillərini təkzib edər, məntiq elmini bilmədən çıxardığı qərarın məqbulluğuna insanları inandırar. Eyniylə də insanlar qrammatikanı bilmədən öz fikirlərini dildə ifadə edirlər. Toxunduğumuz bu məqamlar bu fənləri öyrənməyin gərəkliyini göstərir. Adını çəkdiyimiz elmlərin insan tərəfindən mənimsənilməsi canlı varlığın suya, havaya olan ehtiyacı kimidir. Çünki bu sahələrin hər biri öz qaydaları ilə subyektin təfəkkür və nitq qabiliyyətini artırır, mühakimənin aydınlığına, dəqiqliyinə, ardıcıllığına və sübutluluğuna səbəb olur, bununla da alınan nəticələrin, ümumiləşdirmələrin, göstərişlərin və tövsiyələrin gücünü artırır. Bu elmi öyrənib mənimsəyən hər kəsin intellektual səviyyəsi yüksələr, təfəkkür mədəniyyəti zənginləşər, o, hadisə və proseslərdən elmi cəhətdən daha əsaslı nəticələr çıxara, qərarlar qəbul edə bilər.
Son illər ölkəmizin və xalqımızın həyatında baş verən mürəkkəb və ziddiyyətli hadisələr tələb edir ki, məhkəmə praktikasında iştirak edən hüquqşünaslar yaradıcı, dinamik, müstəqil və məntiqi düşünməyi bacaran şəxslər olsunlar, məqsədəuyğun, metodoloji cəhətdən düzgün inkişaf etmiş qabiliyyətə və vərdişlərə yiyələnsinlər ki, rəylərini, hipotezlərini, versiya və tövsiyələrini inandırıcı surətdə sübut edə bilsinlər.
Bütün dünyada məhkəmələrin fəaliyyəti müstəqil olmalıdır, çünki orada insan taleyi həll olunur. Bu yaxınlarda keçirilən bir namizədlik müdafiəsi işində vurğulanırdı ki, məhkəmələr yuxarı orqanların tapşırığı ilə fəaliyyət göstərirlər. Bu kimi hallar qurduğumuz hüquqi, demokratik cəmiyyətin prinsipləri ilə bir araya sığmır, ziddiyyət təşkil edir. Ona görə də ölkəmizdə məhkəmə sferasında çalışan bütün işçilərdən yuxarıda dediyimiz keyfiyyətlərlə yanaşı, vicdanlı vətəndaş mövqeyi də tələb olunur.
Düzgün fikirləşmək və mühakimə yürütmək sənəti hər bir adamda, özəlliklə də mütəxəssislərdə, yalnız ardıcıllıq deyil, həm də həqiqətə canatma, intellektual təmizlik, cəsarət, tənqid və özünütənqid, ruhi axtarışlar, əvvəlki təcrübəyə istinadetmə bacarığı, əgər həqiqidirsə, qarşı tərəfi də eşitmək və dinləmək qabiliyyəti, öz əqidəsinin əsaslı olması fikrində qalmaq bacarığı və s. olmalıdır.
İnamla demək olar ki, oxucuların mühakiməsinə verilən bu kitab gözdən keçirilən sualların məzmununa, strukturuna, materialın seçilməsinə, təşkilinə görə öncəki dərsliklərdən və dərs vəsaitlərindən öz orijinallığı ilə seçilir.
Həyatımın başlıca amalı xalqa xidmət, onun övladlarının bilikli, zəkalı böyümələrinə yardımçı olmaqdır. İnanmaq istərdim ki, bu kitabı oxuyan hər kəs, xüsusən əlaqədar sahə işçisi onun faydasını əmək fəaliyyətində hiss edəcəkdir. Məntiq elmi, ulu filosofumuz Bəhmənyar demişkən, “hər şeyin ölçüsüdür, yerdə qalan elmlər isə fayda və zərər haqqındadır”.
Elmin, mədəniyyətin yüksəkliyində durmaq istəyən heç bir millət məntiqi təfəkkürsüz keçinə bilməz. Keçmişin gələcəyə yönəlmiş, daha doğrusu, “gələcəyin zəruri modeli olan məntiq elmini öyrənmək ixtisasındən asılı olmayaraq hər bir vətən övladı üçün zəruridir. Elmi biliklərə laqeydlik, savadsızlıq, nəzarətsizlik millətin balalarını özgələşdirir. Bu ağır qınaqdan çıxmağın əsas yolu hamının həyəcan təbili çalması və bir bayraq altında birləşməsidir. Bunun üçün hər birimiz cəmiyyət qarşısında hesabat verməliyik. Bu problemin əlifbası isə millət sevgisi, Vətən yanğısıdır.
GİRİŞ
MƏNTİQİN AKTUAL PROBLEMLƏRİNİN QISA TƏHLİLİ
Mən 30 ildən çoxdur ki, BDU-da və ölkəmizin başqa ali tədris ocaqlarında məntiq elmindən mühazirələr oxuyur və praktik məşğələlər aparıram. Bu müddətdə belə qənaətə gəlmişəm ki, geniş oxucu kütləsi, xüsusilə tələbələrimiz bu elmi zəif dərk edir, onun mənimsənilməsində çətinliklərlə qarşılaşırlar. Bunun bir neçə səbəbini göstərmək olar: Birincisi, Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur, başqa sözlə desək, məntiq fənni orta məktəbin tədris proqramından çıxarılmışdır. İkincisi, məntiqin tədrisi və təbliği zamanın tələblərinə cavab vermir. Üçüncüsü, tələbələrimizin zəhmətə qatlaşmasında və elmi biliklərə yiyələnməsində bir süstlük və laqeydlik yaranmışdır. Dördüncüsü, gənclərimizin müxtəlif yollarla, təhsil almadan diplom almaları az qala qanunauyğunluğa çevrilmişdir və s. və i.a.
Məntiqin mənimsənilməsindəki çətinlikləri aradan qaldırmaq məqsədilə yığcam və sadə dildə yazılan metodik bir vəsaitin nəşrini vətəndaşlıq borcu hesab edirik, çünki bu sahədə ana dilində indiyədək diqqətəlayiq bir məqalənin, tədris vəsaitinin belə olmaması təəccüb doğurur. Onda soruşula bilər: Nədir vətəndaşlıq borcu?
Vətəndaşlıq borcu insanların yaşadığı mühitə, zamana, elmə, mənəvi dəyərlərə, dövrün pozitiv və neqativ hadisə və proseslərinə müdaxilə etməsi, qiymət verməsidir.
Əslində məntiq ən maraqlı və dinamik elmlərdəndir və onun riyazi nəzəriyyələr üçün də ciddilik və dəqiqlik nümunəsinə çevrilməsi təbiidir.
Bir çox alimlərimiz, ziyalılarımız və gənclərimiz özlərini əziyyətə salmadan qədim və zəngin tarixi olan məntiq elmi barədə belə mühakimə yürüdürlər ki, guya məntiq çox çətin qavranılan mücərrəd elmlərdəndir. Məntiqi nəzəriyyələrin meydana gəlməsi tarixini, inkişafını və təkamülünü izləyən hər bir şəxs məntiqin problemlərini aramla təhlil edərsə, onda yuxarıdakı fikrin yanlışlığına əmin olacaqdır.
V.Mintonun aşağıdakı fikrini oxucuların diqqətinə çatdırmaq istərdim:
“Özünün uzun müddət davam etmiş bütün tarixi ərzində məntiq heç vaxt mücərrəd elm olmamışdır: o, həssas və iti ağıl üçün maraqlıdır, cəlbedicidir. Məntiq elmi diskussiyalarda, mühakimələrdə və tədqiqat işlərində insan ağlını demaqoqların yalanlarından qorumağa bir “zireh” (sipər) kimi xidmət etmişdir ki, onun praktik əhəmiyyəti də bundadır”.
Təfəkkürün məntiqinə aid zəngin və geniş biliklər toplusunu özündə birləşdirən məntiq yalnız təsviri deyil, həm də normativ və qiymətləndirici səciyyə daşıyan və özünün konkret tətbiq sahəsi olan nəzəri-praktik elmdir. Hegelin “Hər cür elm tətbiqi məntiqdir” fikrində də dərin məna vardır. Burada həqiqət ondadır ki, elm (o cümlədən məntiq) biliyin yeni nəticələrə varması üçün hərəkət vasitələrini yaradır.
Deməli, məntiqi təfəkkür olmadan elmlərin səmərəli inkişafından danışmaq olmaz. Hər bir “elm məntiqi cəhətdən sistem halında birləşmiş və konkret ideyası olan biliklərdən ibarətdir”.
İxtisasından, peşəsindən asılı olmayaraq, hər kəs üçün məntiqi öyrənməyin faydası ondadır ki, təfəkkürdən bəhs edən bu elmin köməkliyilə müxtəlif elmlər sahəsində toplanmış materialı təhlil etmək, faktları ümumiləşdirmək, irəli sürülən müddəaları sübut, yaxud təkzib etmək mümkün olur. İnsanlar fikirləşdikcə daim əqli fəaliyyətin bu növlərini həyata keçirirlər.
Aparılan müşahidələr göstərir ki, heç də bütün insanlar məntiqi bilmir, hamı təfəkkürün bu qayda-qanunları, metod və normaları ilə tanış deyildir. Ona görə də geniş oxusu kütləsinin məntiqi mədəniyyətinin səviyyəsi aşağıdır. Həyatın bu təzadını sadəcə izah etmək yox, qaydaya salmaq, ləğv etmək lazımdır ki, cəmiyyətin daha yüksək mənəvi dəyərlərə qovuşmasına mane olmasın. Bu fikirdən çıxarılan əsas nəticə odur ki, hər bir cəmiyyət üzvünün müəyyən məntiqi mədəniyyətə yiyələnməsi zəruri bir işdir. Məntiqi mədəniyyətin formalaşması və yüksəlməsinin ən yaxşı üsulu məntiq elmini öyrənməkdir, çünki bu elm mühakimə yürütməyin düzgün üsullarını sistemləşdirir və mühakimələrdəki tipik səhvləri aşkara çıxarır.
Aksiomdur ki, hər hansı bir cəmiyyətin məntiqi sferası, məntiqi mədəniyyəti nə qədər yüksək olarsa, insanlar arasında qarşılıqlı anlaşma və cəmiyyətin harmonik inkişafı da o qədər yüksək və zəngin olacaqdır. Hər bir insan konkret məntiqi sferada tərbiyə olunur və bunun təsiri ilə onda məntiqi təfəkkür vərdişləri təşəkkül tapır, cəmiyyət üzvlərinin məntiqi mədəniyyəti formalaşır. Çox vaxt tələbələrimiz “məntiqi mədəniyyət” anlayışının mənasını tuta bilmirlər, səbəbi də məntiqi biliklərə laqeyd qalmalarıdır. Onda zəruri sual meydana çıxır ki, bu anlayışı necə başa düşmək olar?
Məntiqi mədəniyyət insanların yazılı və şifahi nitqində aşkara çıxan təfəkkür mədəniyyətidir ki, bu da mühakimə yürütməyin səmərəli metod və üsullarını özündə birləşdirir. Bu mənada rus pedaqoqu K.Uşinski məntiqi bütün elmlərin giriş kursu adlandırırdı.
Müasir dövrdə təhsilin humanitarlaşmasının önəmli şərtlərindən biri hər bir cəmiyyət üzvünün, xüsusilə pedaqoji kadrların məntiqi mədəniyyətinin yüksəldilməsidir. Məntiqi mədəniyyətin özü isə anadangəlmə keyfiyyət deyildir. Bu keyfiyyət idrak prosesində müstəqil yaradıcı təfəkkür zəminində, əmək fəaliyyətində və mühakimənin metod və üsullarının mənimsənilməsi gedişində formalaşır.
Təcrübə göstərir ki, məntiqi öyrənmək şəxsiyyətin özünüdərkinə, onun intellektual inkişafına təkan verir, bununla da onun elmi dünyagörüşü yüksəlir. Məntiqi biliklərə yiyələnmək və onların praktikaya tətbiqi insana sosial həyatın qanunauyğunluqlarında və qarşılıqlı əlaqələrində baş verən enişli-yoxuşlu məqamları müəyyən etməkdə, öz oponentlərilə arqumentləşmiş mübahisə aparmaqda və həqiqi fikirdə qalmaqda kömək edir. Buna görə də məntiq elminin vacib tədris predmeti kimi bütün orta məktəblərdə, litseylərdə, gimnaziyalarda, texnikumlarda və universitetlərdə keçilməsini qloballaşan həyatımızın qaçılmaz təlabatı sayıram.
Bir sıra xarici ölkələrin orta və ali məktəblərində bu elm məcburi predmet kimi tədris olunur və məntiqə dair çoxlu kitab çıxır. Bu məmləkətlərin müsbət təcrübəsinə biz də qoşulmuşuq.
Müasir dövrümüzdə məntiqi məsələlərdən elmdə və texnikada geniş istifadə olunur. EHM-ın yaradılmasında, onun məzmununun təhlilində, iqtisadiyyatda, dilçilikdə, hüquqda və bir çox başqa sahələrdə məntiq geniş tətbiq olunur. Bu elmin normalar məntiqi adlanan yeni sahəsi meydana gəlmişdir ki, onun köməkliyi ilə bir çox sualların həllini sadələşmiş üsullarla vermək olur.
Məntiqi bilik hüquqi təhsilin ayrılmaz hissəsidir, çünki məntiqi təfəkkür məhkəmə-istintaq versiyalarının düzgün qurulmasına, cinayətin araşdırılmasının dəqiq planlarını tərtib etməyə, rəsmi sənədlərin tərkibində (sorğu və yoxlama protokollarının, ittihamnamələrin, qərar və qətnamələrin, raportların və s.) səhvlərdən qaçmağa imkan yaradır.
Biz məntiqin tədrisindəki buraxılan nöqsan və çatışmazlıqlar haqqında geniş yazmaq fikrində deyilik, konkret olaraq belə bir fikir vurğulamaq yerinə düşər ki, məntiq elminin tədrisindəki əsas nöqsan – onun həyatdan, təfəkkür praktikasından qopardılmasıdır.
Bütün elmlərin, elmi tədqiqat işlərinin silahı, açarı adlandırılan və həqiqəti aşkara çıxaran düzgün təfəkkür haqqında ümumbəşəri məntiq elminin köməkliyi ilə insan nail olduğu biliklərdən həqiqi nəticələr çıxarır, öz fikrini əsaslandırır, cürbəcür mülahizələri eyni məcraya yönəldir. Bu baxımdan, bəzi filosofların dialektika ilə ənənəvi məntiqi qarşılaşdırması bizə real görünmür. Söhbət formal məntiqin dialektikaya nisbətindən yox, onun dialektik proseslərdə əhəmiyyətindən getməlidir, yəni məntiqin özünə dialektikanın xüsusi halı kimi baxmaq lazımdır. Formal məntiqin çağdaş idrak prosesinin bütün tələblərinə cavab verməməsi fikrinə də çox ehtiyatlı yanaşılmalıdır. Çünki bütün insanlar eyni məntiqi qaydalardan istifadə edir, eyni təfəkkür qanunları ilə düşünür və fəaliyyət göstərirlər, belə olmasaydı, insanlar bir-birini anlaya bilməzdilər, bir dildən başqasına heç bir mətn tərcüməsi mümkün olmazdı. Müxtəlif qruplar, siniflər, millətlər üçün heç vaxt xüsusi təfəkkür qaydaları və qanunları olmamışdır.
Bütün insanlar kor-təbii məntiqi təfəkkürə malikdir, lakin onun köməkliyi ilə elmi problemlərin mahiyyətini açmaq və həll etmək mümkün deyildir. Bu baxımdan, məntiqi təfəkkürün inkişafındakı bir sıra məqamları önə çəkmək istəyirəm:
1.Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununla da, təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir.
2.Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir.
3.Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi-nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insanlara əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununla da təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.
F.Engelsə görə, hər cür elm kimi, təfəkkür haqqında elm də tarixi elmdir, yəni məntiq də təfəkkürün tarixi inkişafı haqqında elmdir. Bu o deməkdir ki, tarixi hadisə və proseslərin dəyişməsi və inkişafı ilə məntiq də inkişaf edərək, onun yeni-yeni sahələri meydana gəlmişdir. Aristotelin dövründə “öz fikirlərinin birini digərilə uzlaşdırır” tələbi irəli sürülürdüsə, orta əsrlərdə “öz fikirlərini avtoritetlə (nüfuzlu adamlarla) uzlaşdır” fikri dəbdə idi. Müasir dövrün başlıca tələbi isə belədir: ‘‘öz fikirlərini faktlarla uzlaşdır”.
Son illərdə dövri mətbuatda bir çox alimlər belə mübahisə aparırlar ki, məntiq canlı həyatla əlaqəsi olmayan quru və Aristotelin vaxtından bəri böhran keçirən elmlərdəndir. Birincisi, bu cür mülahizələrin heç bir məntiqi əsası yoxdur; ikincisi, bu söhbətlərdə müxtəlif dövrlərdə ayrı-ayrı alimlər tərəfindən yaradılmış məntiq nəzəriyyələri məntiqin yeni sahələri (semantik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq) diqqət mərkəzindən kənarda qalır; üçüncüsü, məntiqin özünün daim yaradıcı axtarışların və yeni-yeni problemlərin qoyulduğu sahə olması unudulur; dördüncüsü, məntiqin bir elm kimi son nəticədə praktikaya xidmət etməsi yaddan çıxarılır; beşincisi, bu elmin fasiləsiz inkişaf tarixi (bax: “Məntiq kursu, Bakı, 2001-ci il) izlənilmir; altıncısı, məntiq elminin metodoloji əsasını təşkil edən dialektik nəzəriyyə yada düşmür; yeddincisi, məntiq elmində qabaqcıl axın və yönlərin inkişafına barmaqarası baxılır.
Məntiqdə çoxdan qəbul olunmuş belə bir həqiqəti heç bir alim, tədqiqatçı dana bilməz ki, məntiq əşyalar, obyektiv gerçəkliyin predmetləri haqqında deyil, yalnız təfəkkür haqqında elmdir. Ancaq təəssüf ki, bu elmin dialektika ilə eyniləşdirilməsi fikirlərinə də rast gəlirik. Buradan da yanlış nəticə çıxarırlar ki, sanki məntiqilik təfəkkürdə yox, varlığın özündədir. Varlığın özündəki sistemlilik və məntiqilik prosesləri fikrin əlaqələrində düzgün və olduğu kimi əks olunarsa, onda təfəkkürün məntiqiliyindən danışmaq olar. Bəzən belə fikirləşənlərə də rast gəlirik ki, məntiqin özü fəlsəfədir, onun hissəsidir və yaxud, o heç fəlsəfi elm də deyil. Bunun əksini vurğulayan filosoflar da vardır. Onlar hesab edirlər ki, fəlsəfənin özü məntiqdir, onun mahiyyətini təşkil edir. Bu cür yanaşmalarda isə fəlsəfənin dünyagörüşü, ideologiya, metodologiya olması və başqa funksiyaları nəzərə alınmır. Əslində isə, dialektika, məntiq, idrak nəzəriyyəsi bir-birilə vəhdət təşkil etsə də, hər birinin öz tədqiqat obyekti vardır, bunları mütləq mənada eyniləşdirmək olmaz, çünki bunlar vahid fəlsəfi sistemin müxtəlif aspektləridir.
Neopozitivistlər məntiq məsələlərində daha kobud səhvlərə yol verirlər. Onlar təfəkkür prosesində məntiqin rolunu, yerini təhrif edərək, onu dil haqqında təlimə muncər edib söyləyirlər ki, məhz bu cür “məntiq“ həqiqi fəlsəfədir. “Təfəkkürün anlayış-kateqorial aparatı” (Bakı, 2003) adında fundamental bir əsər yazan prof. N.Hüseyinli də bu mövqedə durur. R.Dekart və C.Lokkun fikirlərinə istinad edən müəllif məntiqə xüsusi elm kimi yanaşmaqla, onu “təfəkkür haqqında deyil, söz, ad və işarələrdən düzgün istifadə qaydaları haqqında elm“ adlandırır. Bununla da hörmətli N.Hüseyinli məntiqi dilçilik elmi ilə eyniləşdirir.
Əslində isə həqiqəti aşkara çıxaran, tarixi inkişafın çətin sınaqlarından keçmiş məntiq konkret, xüsusi elm deyil, müstəqil fəlsəfi elmlərdəndir. Məntiqi fəlsəfi elmlər sahəsindən ayırmağın heç bir elmi əsası yoxdur. F.Engelsin göstərdiyi kimi, konkret elmlər fəlsəfədən ayrıldıqdan sonra, təfəkkür və onun qanunları haqqında nəzəriyyə formal məntiq və dialektika fəlsəfə dairəsində qalmışdır.
Dövri mətbuatda məntiq elminin indiki durumu, onun inkişaf mərhələləri və problemləri haqqında gedən mübahisələrin əsas predmeti bir tərəfdən formal məntiqin mahiyyəti, riyazi məntiqə münasibətidirsə, digər tərəfdən bu elmin dialektik məntiqlə qarşılıqlı əlaqəsidir. Bu barədə geniş məlumat almaq məqsədilə M.İsrafilovun 2001-ci ildə nəşr olunmuş “Məntiq kursu“ kitabına baxmaq olar. Ona görə də biz bu problemə münasibətdə məntiqçilər arasındakı fikir ayrılığına qısaca toxunmaq istərdik.
Formal məntiqin şərhində fikir ayrılıqlarının əsas səbəbi məntiq elmi haqqında müxtəlif konsepsiyaların olmasıdır. Bəzi alimlər hesab edir ki, məntiqin predmeti problemi heç vaxt öz dəqiq şərhini ala bilməyəcəkdir, çünki hazırda bir yox, bir neçə məntiq (formal, dialektik, simvolik, konstruktiv, qeyri-səlist və s.) elmi vardır. Əlbəttə, hər bir şəraitdə, hər bir vaxt məntiqin problemləri işlənməlidir, ona heç kim etiraz edə bilməz, buna təbii proses kimi baxmaq lazımdır. Kainatda hər şey dəyişildiyinə və inkişaf etdiyinə görə, elm də dəyişir, inkişaf edir. XIX əsrin ortalarında riyazi məntiqin yaranması ilə elmi ədəbiyyatda belə bir fikir formalaşmağa başlayır ki, simvolik məntiq məntiqi biliklərin inkişafında yüksək mərhələ olduğundan formal məntiqin bütün problemlərini həll edəcəkdir. Burada əsas səhv ondadır ki, onlar formal məntiqi riyazi məntiqlə tamamilə eyniləşdirirdilər. Fikrimizcə, riyazi məntiq ümumi məntiqdəki elmi fikir və mülahizələrin işarə və simvollarla öyrənilməsidir. Bir çox alimlərin fikrincə, riyazi məntiq predmetinə görə məntiq, metoduna görə riyaziyyatdır, ona görə və predmet və tədqiqat metodu baxımından formal olduğu üçün formal məntiqin problemlərini həll edə bilməz. Bu elmləri mütləq mənada nə bir-birindən təcrid etmək, nə də eyniləşdirmək olar. Əslində simvolik məntiq zaman və məkan əlaqələrini öyrənir, həqiqətin aşkara çıxarılmasını öz qarşısına məqsəd qoymur. Riyazi məntiqin inkişafında formal məntiqin rolunu da danmaq mümkün deyildir. Burada fəlsəfi məntiqin iki aspektini (1.Dünyagörüşü məsələsi, 2.Metodoloji funksiyası) qeyd etməmək həqiqətdən uzaqlaşmaq olardı. Simvolik məntiqin əsas xüsusiyyəti mülahizələrin məzmununa görə deyil, ardıcıllığına görə nəticə çıxarmasıdır.
Riyazi məntiq formal məntiqin bir çox problemlərini əhatə edə bilsə də, onu tamamilə əvəz edə bilməz, çünki riyazi məntiqin “dili“ hər cür məzmundan təcrid olunmuş formallaşdırma dilidir, ənənəvi məntiq isə təfəkkür fenomenini məzmunlu analiz metodunun köməyilə tədqiq edir. Ənənəvi məntiq təfəkkürün formalarını konkret tədqiqat obyekti kimi öyrəndiyindən, bu elmi bir çox kitablarda formal məntiq kimi də verirlər. Onun əsas işi formallaşdırma metodu deyil, adi canlı dildə ifadə olunan adi anlayışlardır. Riyazi məntiq təfəkkürün forma və qanunlarının məzmununu və spesifik xüsusiyyətlərini heç vaxt aşkara çıxara bilməz.
Formal məntiq idrak haqqında, dəqiq desək, idrakda təfəkkürün rolundan, əhəmiyyətindən bəhs edən elmdir, odur ki, onun metodoloji aspektini gözdən qaçırmaq bizi yanlışlığa aparıb çıxara bilər. E.Voyşvillo da riyazi məntiqi formal məntiqin inkişafının yeni mərhələsi adlandırır. Bununla da formal məntiq qnoseoloji və ümumfəlsəfi məsələlər dairəsindən kənarda qalır.
Beləliklə aydın olur ki, müstəqil fəlsəfi elmlərdən olan məntiq – təfəkkürün nəzəriyyəsidir. Bu keyfiyyəti riyazi məntiqə aid etmək yanlış fikirdir. Riyazi məntiqin predmeti məntiqi sistemlərin məzmunudur. Məhşur gürcü alimi L.Qokielinin “Məntiqiliyin təbiəti haqqında (Tbilisi, 1958) monumental tədqiqat əsərində belə bir fikir çox maraqlıdır. O, riyazi məntiqi öz metod və predmetinə görə riyazi elmlərə, məntiqi isə, hesablama xarakterinə malik olmadığına görə, fəlsəfi elmlərə aid edir. Biz məntiqə aid yazılmış bir çox əsərlərdə zidd fikirlərə də təsadüf edirik. D.Qilbert və V.Akkermanın “Nəzəri məntiqin əsasları“ əsərinin rus dilinə tərcüməsinin müqəddiməsində S.Yankovski riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Bəzən də bu elmə riyaziyyatın və məntiqin hissəsi kimi baxırlar. Alman alimi Y.Qünter də riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Onun “məntiqin məqsədi – məntiqiliyin izahıdır, logistikanın (r. məntiqin – M.İ.) məqsədi isə hesablamaların qurulmasıdır” fikrilə tam razılaşmaq olar. Alimin belə bir müddəası də doğrudur ki, “məntiqin metodu – anlayışların təhlilidir, logistikanın metodu – simvolların sintezidir”. Bu fikirdən çıxan nəticə odur ki, məntiq fəlsəfi elmlərə, logistika isə riyaziyyata daxildir. Aydın olur ki, məntiqilik məntiqi əlaqələr, anlayışlar, hökmlər, əqli nəticələr və başqa fikir formaları arasında mövcuddur, lakin bu əlaqələri insan simvolik işarələrlə ifadə edə bilir, bu isə hər iki elmin qarşılıqlı əlaqə və qarşılıqlı təsirini aşkara çıxarır.
Xarici ölkə alimlərindən Q.Karrinin “riyazi məntiq fəlsəfi zəmindən azaddır" fikrilə isə heç cür razılaşmaq olmaz, çünki bütün elmlər fəlsəfə ilə əlaqəlidir və ona əsaslanır. Fəlsəfənin riyazi məntiqin formalaşması və inkişafında əhəmiyyətini iki aspektdən: 1.Dünyagörüşü, 2.Metodoloji izləmək olar. Fəlsəfi analizsiz formallaşdırma metodunun tətbiqinin mahiyyətini dərindən aşkara çıxarmaq mümkün deyil. Bütün elmlərin fəlsəfi məsələləri olduğu kimi, riyazi məntiqin də fəlsəfi problemləri vardır. Örnək üçün bircə misal gətirək. Klassik və konstruktiv yönlər arasındakı fərqin fəlsəfi əhəmiyyətini öyrənməyin riyazi məntiq elminin inkişafında böyük əhəmiyyəti vardır. Riyazi məntiqdə tədqiqatın ən güclü silahı olan formallaşdırma metodu isə fəlsəfi təfəkkürün nəticəsidir. Yekun olaraq deyə bilərik ki, formal məntiq predmetinə görə formal, tədqiqat metoduna görə məzmunlu xarakter daşıyır. Lakin riyazi məntiq isə həm predmetinə, həm də tədqiqat metoduna görə formaldır.
Riyazi fizika, kimya, dilçilik, statistika və digər elmlər riyazi metodlardan istifadə etsə də bu metod fizikanın, kimyanın, dilçiliyin, statistikanın bütün tələblərini əhatə etmir, edə də bilməz. Eynilə də riyazi məntiq predmetinə görə məntiq, metodlarına görə riyaziyyat olsa da, formal məntiqin bütün problemlərini, sahələrini əhatə etmir, onu heç vaxt əvəz də etməyəcəkdir.
Bir qədər də formal və dialektik məntiqin qarşılıqlı əlaqəsinə müraciət edək. Dialektik məntiq dialektik təfəkkür və dialektik metod nəzəriyyəsi kimi yüz ildən çoxdur ki, mövcuddur. Bu elm məntiqi biliklərin inkişafında ən yüksək mərhələdir və elmi-nəzəri idrakın günbəgün artan bütün tələblərinə cavab verə bilir. Dialektik məntiqin prinsip və metodları bu gün iqtisadiyyata, biologiyaya, kimyaya, fizikaya və digər xüsusi elmlər sahəsinə daha sürətlə nüfuz edir, onun müddəa və prinsipləri əsasında sosial həyatın bütün sahələrində mövcud olan külli miqdarda faktların dərindən ümumiləşdirilməsi və gələcək inkişaf yollarının proqnozlaşdırılması həyata keçirilir. Elmi biliklərin müasir səviyyəsi fikirlərimizin predmet və hadisələrin dialektik tələbinə nüfuz etməsilə xarakterizə olunur. Dialektik məntiq təfəkkürü həqiqətə nail olmağın silahı kimi öyrənir. Sosial gerçəkliyin elə bir sahəsi yoxdur ki, orada dialektik məntiqin metodlarından, prinsip və qanunlarından istifadə olunmasın. Lakin bu o demək deyil ki, burada həll ediləsi problem yoxdur. Bu sahədə öz həllini gözləyən bir sıra problemlərin zəruriliyini göstərə bilərik: 1.Dialektik məntiqin predmeti, problemləri və onun başqa fəlsəfi elmlər arasında yeri; 2.Dialektik məntiqin qanunlarının, forma və kateqoriyalarının xüsusi məzmununun aşkara çıxarılması məsələləri; 3.Dialektik məntiqin bir tərəfdən formal məntiqə, digər tərəfdən riyazi məntiqə münasibəti problemləri; 4.Dialektika ilə dialektik məntiqin qarşılıqlı əlaqə və təsirinin aşkara çıxarılması; 5.Təfəkkürdə məntiqiliyin xüsusiyyətlərini müəyyən etmək problemləri və s.
Elmi biliklərin çağdaş inkişaf səviyyəsi fikrin, əşyaların və hadisələrin dialektik təbiətinə daha dərindən nüfuz etməsini tələb edir. Müxtəlif elmlərin nümayəndələri, alimlər öz araşdırmalarında daim əksliklərin vəhdəti və mübarizəsinin başqaları ilə əvəz olunması proseslərilə qarşılaşırlar. Elm öz xarakterinə görə daha çox dialektik forma kəsb edir. Belə şəraitdə hadisə və proseslərin obyektiv dialektikasını təhlil etmək, başqa sözlə, dialektik tədqiqat metodlarına yiyələnmək bacarığı tələb olunur. Məsələn, fizika elmi hissəciklərin qarşılıqlı əlaqəsinin ziddiyyətli təbiətini nəzərə almadan inkişaf edə bilməz. Assosasiya və dissosasiya (birləşmə və dağılma), kimyəvi birləşmə və qarışıq – atom və subatom formalarının hərəkəti və s. prosesləri öyrənmədən kimya elminin mövcudluğundan danışmaq mümkün deyildir. Orqanizm və mühitin qarşılıqlı əlaqəsinin, irsiyyət və dəyişkənliyin, səbəbiyyət və qanunauyğunluğun qarşılıqlı əlaqəsini təhlil etmədən bioloji biliklərin inkişafından danışmaq ağlasığmazdır. Müasir elmlərdən kibernetika çox sürətlə inkişaf edən elm sahələrindəndir. Onun inkişafını düzünə və əks əlaqə, səbəb və fəaliyyət, inikas, siqnal və bu kimi fundamental dialektik anlayışlardan kənarda təsəvvür etmək olmaz. Vurğulamaq yerinə düşər ki, bugün dialektik məntiqin problemlərinin nəzəri cəhətdən işlənməsi sahəsində müəyyən nöqsanlar da vardır: Birincisi, dialektik məntiq sahəsində elmi tədqiqatların səviyyəsi çox aşağıdır və bizi qane etmir; İkincisi, konkret elmlərin nümayəndələri dialektik məntiqin müddəa və nəticələrindən öz işlərində az istifadə edirlər; Üçüncüsü, yalnız simvolik məntiqi qəbul edən və dialektik məntiqin əhəmiyyətini dəyərləndirə bilməyən opponentlərə qarşı zəif mübarizə aparılır. Bunun əsas səbəbi isə dialektik məntiqin bəzi problemlərinin mətbuatda zəif işıqlandırılması və təhsil-elm sahələrinə rəhbərlik edən məmurların laqeydliyidir.
Elmi ədəbiyyatda dialektik məntiqin predmeti və məzmunu haqqında fərqli baxışlara da təsadüf edirik. Bir qrup alim belə hesab edir ki, dialektik məntiq elə dialektikadır, ona görə də hansısa bir məntiqin yenidən yaranmasına ehtiyac yoxdur. Başqaları isə onu dialektikanın idrak nəzəriyyəsi kimi qəbul edirlər. Üçüncü qrup isə dialektik məntiqi təfəkkürlə məşğul olan fəlsəfə sahəsi adlandırır. Elə filosoflar da vardır ki, onlar dialektik məntiqi formal məntiqlə eyniləşdirir və yanlış olaraq onu əqli nəticə ilə sillogizm haqqında təlim adlandırırlar.
Dialektik məntiq gerçəklikdəki predmet və hadisələri öyrənmədiyinə görə onu nə bütün varlılığı tədqiqat obyekti kimi gözdən keçirən və geniş təlim olan dialektika ilə eyniləşdirmək, nə də idrak problemləri haqqında nəzəriyyə saymaq olar. Vahid fəlsəfi sistemin aspektlərindən hər birinin öz xüsusi tədqiqat sahəsi vardır. Bunları nəzərə almamaq tədqiqatçıları yanlış nəticələrə çıxarır. Deyilən fikirlərdən çıxış edərək, dialektik məntiqə belə tərif vermək olar: Dialektik məntiq elmi nəzəri təfəkkürün obyektiv forma və qanunlarının təşəkkülü, dəyişilməsi, inkişafı haqqında, habelə bu dəyişmə və inkişafda istifadə olunan məntiqi vasitələrdən, metodlardan və onları yoxlamaq üsullarından bəhs edən elmdir.
Zənnimizcə, bu tərif konkret və dəqiqdir. Lakin məntiqə aid ədəbiyyatda bu termin geniş mənada işlənildikdə, onda dialektik məntiq fəlsəfə ilə (xüsusilə dialektika ilə) tamamilə eyniləşir. Bu termini sözün dar anlamında götürdükdə, onu dialektikanın xüsusi tərəfi, funksiyası kimi başa düşürlər. Bu iki çaları dəqiq fərqləndirməmək tədqiqatçıları dolaşığa və boş mübahisələrə gətirib çıxarmışdır.
Bundan başqa, “metod”, “metodologiya” və “idrak nəzəriyyəsi“ kimi sözügedən anlayışların məzmun və həcmini dəqiqləşdirmək, onların arasındakı nisbəti müəyyən etmək vacibdir. Çünki bu cür yanaşma üsulu fəlsəfi biliklər sistemində dialektik məntiqin yerini aşkara çıxarır.
Əgər desək ki, dialektik məntiq “qeyri-dialektik məntiq“dən onun dialektik metoda istinad etməsilə fərqlənir – bu mülahizə də doğru olmaz, çünki formal məntiq də mühakimə prosesində yol verilən təhrifləri tez-tez “dialektikləşdirir“. Digər tərəfdən, fizika, kimya, biologiya və başqa elmlərdə də dialektik metoddan istifadə olunur. Lakin heç kim buna görə həmin elmləri “dialektik fizika“, “dialektik biologiya“ adlandırmır, buna ehtiyac da yoxdur.
Dialektikanın qanunları varlığın bütün sahələrində (təbiətdə, cəmiyyətdə, təfəkkürdə) fəaliyyət göstərir, lakin bu sahələrin hər birində özünəməxsus təzahür edir. Dialektik məntiq də eynilə dialektika qanunlarının təfəkkürdə təzahürünün spesifikliyini aşkara çıxarır. Onda sual oluna bilər ki, əgər fəlsəfə təbiətin, cəmiyyətin və təfəkkürün ümumi inkişaf qanunları haqqında elmdirsə, onda təfəkkürün dialektikasını öyrənmək üçün ayrıca bir elmə nə ehtiyac vardı? Digər tərəfdən, təfəkkürün dialektikası haqqında elm vardısa, onda fiziki, kimyəvi, bioloji və başqa proseslər haqqında ayrıca elm olmasınmı? Aydındır ki, bu sahələrin hər birində dialektikanın qanunları spesifik formada aşkara çıxır. Bundan başqa, məgər təfəkkürün dialektikası idrak nəzəriyyəsində öyrənilmirmi? Heç kim danmır ki, təfəkkürün təbiəti haqqında təlim və onun idrak prosesində rolu həmişə fəlsəfədə diqqət mərkəzində olmuşdur.
Bizə belə gəlir ki, dialektik məntiqin problemlərinin işlənməsində bəzi filosofların uğursuzluğu onlarda dialektik məntiq haqqında dəqiq anlayışın olmamasındandır. Dialektik məntiqin özülü, təməl daşı olan dialektik təfəkkürsüz nə onun problemlərini işləmək, nə də bu elmi əleyhdarlardan qorumaq olar.
Heç bir analogiya gətirmədən, qəti şəkildə demək olar ki, izafi dəyər kateqoriyası olmadan, kapitalizmin siyasi iqtisadı olmadığı kimi, dialektik təfəkkürsüz də dialektik məntiqin varlığından danışmaq mümkün deyildir. Dialektik təfəkkür kateqoriyasının dialektik məntiqin inkişafında fundamental əhəmiyyəti vardır. Buna görə də “dialektik təfəkkür” və “təfəkkürün dialektikası” anlayışlarını eyniləşdirmək yanlış fikirdir. Təfəkkürün formalaşdığı gündən həmişə dialektik məqamlar olmuşdur. Dialektik təfəkkür isə inkişafın müəyyən mərhələsində yaranır və bu keyfiyyət bütün insanlara xas deyildir. F.Engelsin dediyi kimi, dialektik təfəkkürün ilkin zəmini anlayışların təbiətini tədqiq etməklə bağlıdır və bunun özü inkişafın yüksək mərhələsində meydana gəlmişdir. Bəzən dialektik məntiqi dialektikanın hissəsi sayırlar ki, bu cür yanaşma da doğru deyildir, çünki “hissə“ kateqoriyası “tam“a tətbiq olunmur. Cins və növ anlayışında isə vəziyyət başqa cürdür, cins haqqında söylənilən fikri növə aid etmək olur.
Dialektik məntiqi bütövlükdə dialektikanın aspekti, tərəfi kimi saymaq daha ağlabatandır, çünki fəlsəfə öz aralarında üzvi bağlılıqda olan üç funksiyanı yerinə yetirir: Birincisi, bu gerçəklik haqqında daha çox ümumi görüşlər sistemi kimi dünyagörüşüdür. İkincisi, fəlsəfə idrak prosesinin metodu, metodologiyası, instrumentidir. Üçüncüsü, başqa aspektlərilə birgə, sosial proseslərə rəhbərliyin elmi əsasına xidmət edir. Deməli, dialektik məntiq – dialektikanın metodoloji tərəfidir, funksiyasıdır, onu dialektikadan ayırmaq yanlış nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən, dialektik məntiq XIX əsrin I yarısında Hegel tərəfindən yaradılmış, sonralar Marks, Engels, Lenin, müasir dövrdə isə bir çox xarici ölkələrdə, postsovet məkanında fəaliyyət göstərən filosoflar tərəfindən inkişaf etdirilmişdir və etdirilir. Dialektik məntiqin metodoloji xarakter kəsb etməsi qətiyyən onun müstəqil məntiq elmi olmasını istisna etmir.
Dialektik məntiqi məzmunlu məntiq də adlandırırlar. Bu fikrin doğruluğunu danmaq olmaz. Çünki məntiq təfəkkürün formaları ilə yanaşı, onun məzmununu da öyrənir. Lakin səhv onda ola bilər ki, biz sadə dəyişmə aparıb deyək ki, məzmunlu məntiq elə dialektik məntiqdir. Xarici ölkələrdə müxtəlif alimlər tərəfindən yaradılan çoxlu məzmunlu məntiqi sistemlərin olmasını da nəzərə çatdırmaq gərəkdir. Dialektik məntiqi inkişaf etdirmək üçün sadəcə təfəkkürün yox, dialektik təfəkkürün məzmunu ilə məşğul olmaq lazımdır. Çünki təfəkkürün məzmunlu problemləri çoxdur, lakin onların hamısını dialektik məntiqə aid etmək yanlışdır.
Bütöv fəlsəfi sistemin yuxarıda adlarını çəkdiyimiz aspektləri bir-biri ilə eyniyyət təşkil etsə də, onun spesifik fərqli cəhətlərini qeyd etmək olar. Dialektika maddi və ideal proseslərə xas olan inkişafın ən ümumi qanunlarını öyrənir. Dialektikanın müxtəlif qanunlarında formulə olunan müddəaların böyük metodoloji əhəmiyyəti vardır. Bu müddəalardan dialektik təfəkkür bir yaraq, idrak silahı kimi istifadə edir.
Elmi müddəa və nəticələrin tədqiqat işlərində tətbiqinə dialektika dialektik metod verir. Lakin dialektik metod dialektika nəzəriyyəsinin sadəcə təkrarı deyil, onun nəticələrinin təfəkkürdə, idrakda tətbiqidir. Deməli, struktur dialektik metod müxtəlif məntiqi formalardan, kateqoriyalardan və təfəkkür üsullarından ibarətdir.
Bununla yanaşı, təfəkkürün hər cür metodu kimi dialektik metodu da öyrənmək, nəzəri cəhətdən yenidən işləmək vacibdir ki, onun haqqında yaradılmış təlimdən tədqiqat işlərində uğurla və şüurlu surətdə istifadə edilə bilsin. Bununla dialektik məntiq məşğul olur. Dialektik məntiq təfəkkürün dialektik metodu nəzəriyyəsi olmaqla, təfəkkürdə dialektikanın qanun və kateqoriyalarının tətbiqi haqqında təlimdir. Bu cür qarşılıqlı əlaqədə dialektik metod dialektik məntiqin tədqiqat obyekti, dialektik məntiq isə bu obyekt haqqında elm kimi çıxış edir.
Beləliklə, dialektika, dialektik metod və dialektik məntiq bir-birilə tam vəhdət təşkil edir. Onların qarşılıqlı əlaqəsinə hissə və bütövün əlaqəsi kimi yox, bunlardan birinin digərinə ardıcıl tətbiqi və ifadəsi kimi baxmaq lazımdır. Dialektikanın bu prosesə tətbiqi dialektik metodu verir, dialektik metodun öyrənilməsi isə dialektik məntiqin zəruriliyini aşkara çıxarır.
Təəssüf ki, dialektik metod nəzəri cəhətdən hələ də mükəmməl işlənməmişdir. İntuitiv şəkildə hamı bilir ki, dialektik metod nədir və onun elmi idrakda, fəaliyyət prosesində nə kimi əhəmiyyəti var. Lakin intuisiya heç vaxt problemin, nəzəriyyənin elmi-nəzəri cəhətdən işıqlandırılmasını və həllini əvəz edə bilməz.
Yuxarıda göstərilən fikirlərə əsaslanaraq dialektik metodun bəzi məsələlərinin müzakirəsini zəruri hesab edirik. 1.Dialektik təfəkkürün məntiqi forma və qanunları sistemində dialektik metodun rolu və əhəmiyyətini aşkara çıxarmaq; 2.“Dialektik metod” və “şüurlu dialektik təfəkkür” anlayışlarını fərqləndirmək; 3.Dialektikanın kateqoriya və qanunlarının dialektik metodda mənasının dəyişdirilməsinin xüsusiyyətləri; 5.Dialektik metodun konkret forma və üsullarının tapılması, onların sosial proseslərə tətbiqi və s.
Burada – dialektik məntiqin forma və qanunlarının xüsusi izahına da ehtiyac olduğunu düşünürük. Hər bir elmin öz xüsusi qanunlarının olduğuna heç kim şübhə etmir, hər bir elm öyrəndiyi sahənin qanunlarını aşkara çıxarır. Əgər elmdə qanunlar yoxdursa, onda o elm deyil, yaxud elm səviyyəsinə hələ yüksəlməyib.
Dialektik məntiq sahəsində fəal iş aparan rumın alimi A.Joja haqlı olaraq, belə bir sual qoyurdu: Dialektik məntiqin xüsusi, spesifik qanunları vardırmı? Özü də buna müsbət cavab verirdi.
Rus filosoflarından V.Kedrov da bu mövqedə durur və qeyd edir ki, idrakın spesifik qanunları dialektikanın ümumi qanunlarının özüdür və təfəkkür sahəsinə tətbiq edildikdə spesifik formada mənası dəyişilir.
Biz də adını çəkdiyimiz alimlərlə həmrəyik, lakin sadəcə desək ki, dialektik məntiqin qanunları elə dialektikanın qanunlarıdır, onda biz bu qanunların təfəkkürdə rolunu və məntiqi mənasını hələlik aşkara çıxarmamışıq, çünki onlar bizim subyektiv, yaradıcı fəaliyyətimizin qanunları kimi çıxış etmir.
Dialektikanın əksliklərin vəhdəti ilə mübarizəsi qanununun əşyalarda fəaliyyəti, onun insanlar tərəfindən dərki bir işdir, bu qanun haqqında əldə edilən biliklərin təfəkkür prosesinə hansı üsullarla tətbiqi başqa bir iş. Bu biliklərin təfəkkürdə dəyişilməsinin xüsusiyyətlərini nəzərdə tutmaq vacibdir. Bir əksliyin digərini inkar etməsi və bu əksliklər arasındakı mübarizə hər cür inkişafın, dəyişikliyin hərəkətverici qüvvəsidir. Buna görə də dialektik məntiq nəinki predmetin, əşyaların ziddiyyətlərini aşkara çıxarmağı, həm də ziddiyyətlərin necə və hansı məntiqi üsullarla aradan qaldırılmasını öyrənir.
Dialektik məntiqin əleyhdarlarından Eyler, Yaspers, Qurviç və başqaları heç bir əsas, arqument göstərmədən dialektik məntiqin idrakı əhəmiyyətini büsbütün inkar edirlər; sanki dialektikanın köməyilə faydalı olan hər şeyə haqq qazandırmaq olar. Onlar hətta söyləyirlər ki, dialektikanın formal məntiqi, ümumiyyətlə diskursiv təfəkkürü doğrudur. Bu cür fikirlərin heç bir məntiqi əsası yoxdur, əksinə, dialektika əks xassə və tərəflərin köməyi ilə səmərəli şəkildə idrakın məqsədlərinə xidmət edir; “faydalı olan hər şeyə haqq qazandırmaq olar“ qənaətini qəti rədd edir, “diskursiv“ təfəkkürü daha da möhkəmləndirir və cilalayır.
Tamamilə aydındır ki, əksliklərin vəhdəti və mübarizəsi qanununun məntiqi tərəfi gerçəkliyin “ontoloji“ tərəfinə istinad etsə də, onun sadəcə oxşarı deyildir. Burada təfəkkürün spesifikliyi gözdən keçirilir, obyektin dərkində onun bütün xassələri, tərəfləri o dəqiqə əhatə olunmur, qabaqca bir tərəfi, sonra xassələri təhlil olunur ki, bunu da dialektik məntiq aşkara çıxarır.
Dialektik məntiq təfəkkürdə yalnız dialektikanın əsas qanunlarının fəaliyyətini deyil, onun əsas anlayış və kateqoriyalarının nisbətini də öyrənir. Təfəkkür formalarının dialektikası dialektik məntiqin məzmununu təşkil edir. Leninin dediyi kimi, “anlayışların münasibətləri (= keçmələri = ziddiyyətləri) = məntiqin başlıca məzmununu və onların münasibətləri (keçmələri, ziddiyyətləri) obyektiv dünyanın inikası kimi göstərilmişdir.
Deyilənlərdən nəticə çıxır ki, hər bir adam məntiq elminə yaxşı yiyələnərsə, onun qanun və prinsiplərini idrak nəzəriyyəsinə və praktikaya yaxşı tətbiq edəcəkdir. Biz dialektik məntiqin qanunlarından yalnız birinin (dialektik ziddiyyətlər qanunu) təhlilinə qısa nəzər yetirdik. Məntiqdə bu cür xüsusi qanunlar çoxdur, onları dialektikanın üç məlum qanununa müncər etmək olmaz. Dialektikanın bütün kateqoriyalarının (forma və məzmun, fərdi və ümumi, mahiyyət və hadisə və s.) təfəkkür prosesinə tətbiqi planında onlar dialektik məntiqin qanunları xarakterini ala bilər. Buna görə də “dialektik məntiqin spesifik qanunları yoxdur“ deyən alimlərin mövqeyilə razılaşmaq mümkün deyil. Dialektikanın qanunlarının məntiqi təfəkkürdə təzahürünü dialektik məntiq öyrənir. Bununla belə, bu qanunların növü, onların formulə edilməsi haqqında da danışmaq mümkündür.
Məsələn, akademik A.Joja dialektik məntiqin qanunlarını formal məntiqin qanunlarına simmetrik formada yenidən işləyir. Burada eyniyyət qanununu konkret eyniyyət qanununa, ziddiyyət qanunu isə ziddiyyətli predikasiyaya, başqa sözlə, subyektin mənasını predikatda təyinetmə qanununa uyğun gəlir. Bir çox alimlərin dialektik məntiqin qanunlarına yanaşma üsulu müxtəlif olsa da, onu inkar etmirlər. Problemin mahiyyəti də bundadır. Vaxtilə F.Engels “Anti-Dürinq” əsərində dialektik təfəkkürün qanunlarından danışarkən təbiətşünaslığın inkişafı nəticəsində toplanmış külli miqdarda faktların təhlili və ümumiləşdirilməsində dialektik təfəkkürün qanunlarının zəruriliyi məsələsini vurğulamışdı. Şübhə yoxdur ki, dialektik təfəkkürün ən mühüm formaları Aristotel tərəfindən tədqiq olunmuşdur. Bir halda ki, dialektik təfəkkür təfəkkürün ali pilləsidir, onda onun anlayış, hökm və əqli nəticə kimi təfəkkür formalarında dialektikcəsinə aşkara çıxması aksiomdur. Bu mənada dialektik təfəkkür formal məntiqin öyrəndiyi adi formalardan kənarda inkişaf edə bilməz, lakin onun özünün də istinad etdiyi anlayışlar sistemi vardır. Nəhayət, təfəkkür prosesində formal və dialektik aspektlərin qarşılıqlı əlaqəsini dərindən öyrənmək marağında olan hər bir alimə, tədqiqatçıya M.İsrafilovun “Təfəkkür: formal və dialektik aspektlərin nisbəti” (Bakı, 1998) kitabını oxumağı məsləhət bilərdik.
Məntiqin aktual problemlərinin təhlilindən sonra hər bir mövzu haqqında konkret məlumatlar verməyə çalışacağıq. Düşünürəm ki, burada əsas diqqəti məntiq elminin problemlərinə yönəltmək daha doğru olardı.
Birinci mövzu
MƏNTİQİN PREDMETİ VƏ ONUNƏHƏMİYYƏTİ
Zəngin və qədim tarixə malik olan ümumbəşəri məntiq elmi, başqa elmlər kimi, istifadə etdiyi məntiqi qaydaların, üsulların, metodların və qanunların köməkliyi ilə mühakimələrin təhlili və düzgün nəticələrin alınması ilə maraqlanır. Hər bir elmin predmet və məzmununun öyrənilməsində həmişə "necə", "nə cür", "hansı" və b. suallardan istifadə olunur ki, bunlar da "O düzgünmü mühakimə yürüdür?" cümləsindəki başlıca məntiqi komponenti əks etdirir. Bu baxımdan, məntiqin biliklər, konkret elmlər sistemində tutduğu yeri onun rolunu, əhəmiyyətini müəyyənləşdirmək gərəkdir. Buna görə də tələbələrin ilk növbədə elmlərin obyektinə görə tədqiqat bölgüsünü (təsnifini) bilməsi vacibdir.
Müasir dövrdə təbiəti və cəmiyyəti öyrənən çoxlu elm sahəsi vardır. Tədqiqat obyektindən asılı olaraq, bütün elmləri təbiətşünaslıq (fizika, kimya, riyaziyyat, biologiya və s.) və cəmiyyət haqqında olan elmlərə (tarix, sosiologiya, politologiya, hüquqşünaslıq və s.) bölmək olar.
Məntiqin predmetini öyrənmək məqsədilə əvvəlcə bu sözün, yaxud terminin hərfi anlamını, sonra isə elmi tərifini, problemlərini gözdən keçirək.
"Məntiq" ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq, mühakimə anlamlarına gəlir. Bunun yunancası "loqos"dur ki, ruscadakı "loqika" da buradandır. Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazırki dövrdə bu termini aşağıdakı mənalarda işlədirlər:
Birincisi, bu söz obyektiv aləmin predmet və hadisələrinin dəyişilmə və inkişafı qanunauğunluqlarını bildirir. Bir çox filosoflar "məntiq" sözünü bu anlamda işlədirlər. Onda aydın olur ki, müxtəlif tarixi dövrlərdə baş verən inqilabların, kütləvi iğtişaşların, tətillərin və s. özünün obyektiv məntiqi vardır. Söhbət gerçəklikdəki əşya və hadisələr arasındakı əlaqələrin inkişaf qanunauyğunluqlarından getdiyi hallarda bu prosesin özünü obyektiv məntiq adlandırmaq olar.
İkincisi, "məntiq" sözü fikirlərin əlaqə və inkişafındakı qanunauyğunluqları bildirir. Bu qanunauyğunluqlar subyektiv məntiq adlanmaqla, "obyektiv" dediyimiz qanunauyğunluqların şüurumuzda inikasıdır.
Üçüncüsü, "məntiq" sözü təfəkkürün məntiqiliyinə aid biliklər sistemini ifadə edir.
Dördüncüsü, bu söz fikri fəaliyyətin müəyyənliyi və ardıcıllığını bildirən bəşəri qaydaların məcmusunu ifadə edir.
Məntiqə belə də tərif vermək olar: Məntiq – fikrin əlaqə və inkişafındakı qanunauyğunluqlar haqqında elmdir.
Məntiq – təfəkkürdən bəhs edən elmdir dedikdə tələbə o dəqiqə araşdırmalıdır ki, mürəkkəb və çoxcəhətli fenomen olan təfəkkürü yalnız məntiq elmi tədqiq edir, yoxsa onu öyrənən başqa elmlər də vardır? Burada əsas diqqət təfəkkür prosesini öyrənən elmlərdən (fəlsəfə, psixologiya, kibernetika, insanın ali sinir fəaliyyətinin fiziologiyası, dilçilik, sosiologiya və s.) məntiqin fərqini bilməyə, onun spesifik xüsusiyyətlərini aşkara çıxarmağa yönəldilməlidir.
"Məntiq kursu" (Bakı, 2001) kitabında adını çəkdiyimiz elmlərin təfəkkür prosesini hansı baxımdan öyrənməsi məsələsi verilmişdir. Oxucunun yaddaşına birdəfəlik həkk olunsun deyə, təfəkkürün hansı yönlərinin məntiq elmi tərəfindən öyrənildiyini bir daha vurğulamaq istərdik.
Birincisi, məntiq – təfəkkürü obyektiv gerçəkliyi dərk etməyin, həqiqi biliklərə yiyələnməyin önəmli vasitəsi kimi öyrənir.
Tələbə onu da anlamalıdır ki, gerçəkliyin dərk olunması hissi idrakdan (canlı müşahidədən) başlayır və məntiqi idrakla başa çatır. Ona görə də hər bir adamın, oxucunun hissi idrakın formaları (duyğu, qavrayış, təsəvvür…) haqqında müəyyən biliklərə yiyələnməsi zəruridir, çünki fikir prosesi əyanidən mücərrədə doğru gedir. İnsan canlı müşahidə prosesində predmet və hadisələrin zahiri hissələri, tərəfləri və əlamətləri haqqında müəyyən biliklərə yiyələnir, lakin onların daxili mahiyyətini aşkara çıxara bilmir, çünki cismin görünüşü ilə mahiyyəti eyni deyildir. Ona görə də hissi idrakın verdiyi informasiyanı təfəkkürdə sintezləşdiririk, ümumiləşdirmə yolu ilə müəyyən nəticələr çıxarırıq, bunsuz predmetin mahiyyətini aşkara çıxara bilmərik, təsvirini verməkdə çətinlik çəkərik. M.Ə.Sabir demişkən: iş ki olur əyani, asan onun bəyani.
İkincisi, məntiqi təfəkkür prosesindən düzgün nəticə çıxarmaq qaydaları, üsulları maraqlandırır ki, burada da əsas məsələ mühakimənin düzgünlüyüdür. Məntiqi təfəkkür konkret prinsiplərə, qayda və qanunlara uyğun təfəkkürdür ki, bunların da sistemə salınması və təkmilləşdirilməsi məntiq elminin problemidir. Məntiqdə mühakimənin düzgün qurulmaması yanlış nəticələrə gətirib çıxarır. Aşağıdakı nümunələri gözdən keçirək:
1.”Bütün quldurlar cinayətkardır”. “Bu şəxs quldurdur”. Nəticə, “Bu şəxs cinayətkardır”.
2."Bütün quldurlar cinayətkardır". "Bu şəxs cinayətkardır". "Bu şəxs quldurdur".
Hər iki əqli nəticədə eyni hökmlərdən istifadə olunsa da, ikincidə alınan yekun biliyi yalandır. Əvvəla, ikinci əqli nəticədə hökmlərin əlaqəsi səhv götürülür. Digər tərəfdən, tələbələrimiz "Hökm", "Əqli nəticə" bölmələrini keçəndə daha yaxşı dərk edəcəklər ki, orta termin (M) mühakimə prosesində hökmlərdən birində ehtiva olunmasa düzgün nəticə çıxarmaq olmur. İkinci əqli nəticədə "cinayət" anlayışı orta termin kimi götürülür, nə birinci, nə də ikinci hökmdə o, tam həcmdə götürülməmişdir.
Uzunmüddətli müəllimlik təcrübəmdə hiss etmişəm ki, tələbələrimiz çox vaxt "ehtiva" sözünün anlamını tuta bilmirlər, "tam həcmdə götürmək" dedikdə də yenə məna qaranlıq qalır. Bu cür anlaşılmazlıqların səbəbini orta məktəblərimizdə məntiqin tədris olunmamasında və şagirdlərin ana dilinin qayda-qanunlarına zəif yiyələnməsində axtarmaq olar.
Məntiqdə predmetlər çoxluğu vardır ki, ona "məntiqi sinif” də deyilir (məsələn, "bitkilər aləmi", "canlılar", "cinayətkarlar", "tələbələr" və i.a.). Bunların hamısı "məntiqi sinif, yaxud "cisimlər çoxluğu" adlanır. Buna görə də orta termin (həmişə M hərfilə göstərilir) həmin predmetlər çoxluğunu ifadə edən anlayışın tam həcmini əks etdirmirsə, onda deyilir ki, "orta termin ehtiva olunmamışdır". Yuxarıdakı misalda söhbət cinayətkarların hamısından yox, bir qrupundan getdiyinə görə doğru nəticə alınmır. Məntiqdə bu cür səhvlərə "nəticə çıxmır" deyilir. Elmdə bu cür müxtəlif intellektual əməliyyatların tabe olduğu qaydalar, prinsiplər, üsullar çoxdur, lakin onların pozulduğunu çox vaxt insan aşkara çıxara bilmir. Bu elm haqqında elementar təsəvvürü olmayan adam səhvlərin nədən irəli gəldiyini araşdıra bilmir. Ona görə də bu elmin normativ xarakter daşıdığını və qiymətləndirici funksiya kəsb etdiyini oxucuların nəzərinə çatdırırıq. Deməli, məntiq təfəkkür prosesinin konkret, ardıcıl normalarla hərəkətinə təkan verməklə məntiqi səhvlərin qarşısını alır.
Üçüncüsü, düzgünlük anlayışı təfəkkürün formal tərəflərinin (fikrin quruluşundakı hissələrin əlaqəsi nəzərdə tutulur) vəhdətini ifadə edir. Burada təfəkkürün tamamlayıcılıq funksiyasına üstünlük verilir, fikrin məzmunundan kənara çıxılsa da əsas diqqət məntiqi formalarda təzahür edən müxtəlif intellektual-nitqi əməliyyatlar üzərində toplanır. Çox vaxt məntiqdə fikir yükü təfəkkürün formalarının tədqiqinə yönəldilir. Bu təbii və qanunauyğundur, çünki bu formaların hər birinin konkret məzmunu vardır. Məzmun forma olmadığı kimi, formadan kənarda çılpaq, xalis təfəkkür də yoxdur, forma məzmunludur, məzmun formalıdır. Təəssüf ki, bəzən bəzi "filosoflarımız", "doktor", "professor" olsalar da, məntiqi formal elm kimi anlayırlar. Bu cür "alimlərin" təfəkkürünə, intellektinə, yumşaq desək, şübhə yaranır.
Düşünürük ki, idrak prosesi və təfəkkür haqqında oxucunun müəyyən ilkin təsəvvürü olmalıdır, bunsuz mücərrəd təfəkkürün mahiyyətini anlamaq çətindir, çünki hər şey inikas prosesindən başlayır. Oxucu, tələbə bilməlidir ki, əşya və predmetlər bizdən kənarda mövcuddur, bizim qavrayış və təsəvvürlərimiz onların obrazıdır, lakin bu obrazlara da güzgüdə olan mexaniki inikas kimi baxmaq olmaz.
İdrak prosesində inikasın xarakterinə görə onun, öz aralarında bir-biri ilə sıx əlaqədə olan, iki pilləsini (1.Hissi idrak; 2.Məntiqi idrak) və bunların funksiyalarına, elmi-metodoloji əhəmiyyətinə aydınlıq gətirmək vacib məsələdir. Fəlsəfədə idrak prosesinin dialektikasına xüsusi diqqət yetirilir, onun təhlilinə geniş yer verilir, məntiqdə isə əsas problem mücərrəd təfəkkürün rolu və əhəmiyyətini təhlil etməkdir.
Hissi idrak birbaşa, düzünə baş verən idrak prosesidir. Bu mərhələdə cisim və hadisələrin daxili, zəruri, önəmli xassələrini, onların fəaliyyət və inkişaf qanunlarını dərk etmək mümkün olmur. Əşya və hadisələrin mahiyyəti, onların qarşılıqlı əlaqə və münasibətləri, qarşılıqlı təsiri mücərrəd təfəkkürün köməkliyi ilə dərk olunur. Buna görə də tələbə mücərrəd təfəkkürün xüsusiyyətlərini dərindən mənimsəməyi bacarmalıdır. Çox vaxt bu mövzunun şərhindən sonra, auditoriyaya üz tutub "Məntiqi təfəkkürün xüsusiyyətləri, yaxud hissi idrakdan fərqli cəhətləri hansılardır" deyə soruşduqda tələb olunan cavabı ala bilmirsən. Bunun səbəbləri çoxdur, onları izah etmək fikrində deyilik.
Hissi idrakla müqayisədə mücərrəd təfəkkürün özünə aid olan bir sıra xüsusiyyətləri də vardır ki, onları yığcam biçimdə bir daha oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik (onun geniş təhlilinə "Məntiq kursu" dərsliyində rast gələ bilərsiniz).
1.Təfəkkür – gerçəkliyin ümumiləşmiş inikasıdır.
2.Təfəkkür – insanların fəal və müəyyən məqsədə yönəldilmiş fəaliyyətidir: bu fəaliyyətin özü mücərrəd səciyyə daşısa da, onun nəticələri gerçəklikdə maddiləşir, maddi və mənəvi sərvətlər aləminin yaranması bunun sonucudur. Fikrin (təfəkkürün) ideallığını əyani surətdə təsəvvür etmək istəyən hər bir adam bu xalqın lirik təbiət şairi olan H.Arifin aşağıdakı fəlsəfi beytlərindən özü üçün müəyyən məntiqi nəticə çıxara bilər:
Fikir qar ələyər qara saçlara,
Əməli görünər, özü görünməz.
3.Təfəkkürün xüsusiyyətlərindən biri də onun dillə, nitqlə sıx bağlılığıdır.
Məntiqi idrakın ikinci prosesində insan hissi idrakın verdiyi bilgilərdən çıxış edərək, predmet və hadisələrdə ortaq, önəmli, mühüm əlamətləri seçir və onların arasında ümumiləşdirmə aparır, bununla da müəyyən qrup predmetləri başqalarından ayırır. Predmet və hadisələrin ümumiləşdirilməsi və ayrılması nəticəsində bu predmetlər haqqında anlayışlar yaranır. Ona görə də anlayışlar idrak prosesinin metodoloji tutalğası, vasitəsi sayılır.
Təfəkkür prosesində insan qarşısına həllediləcək məqsədlər qoyulur və məsələlər formulə edilir. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün fikri fəaliyyətə başlanılır. Fikrin bütün formaları (anlayış, hökm, əqli nəticə və s.) dildə ifadə olunur. Bu formaları, idrakın üsul və metodlarını öyrənən məntiq elmi dildən kənarda inkişaf edə bilməz. Buna görə dil və təfəkkürün qarşılıqlı əlaqəsinə, onların fərqli cəhətlərinə xüsusi diqqət yetirilməlidir. Məntiqdə məntiqi semiotika (idrak vasitəsi kimi dilin tədqiqi) və metodologiya (idrakın ümumelmi üsul və metodlarının öyrənilməsi) problemləri də tədqiqatdan kənarda qalmamalıdır.
Oxucular bu fəsildə məntiqin predmeti, praktik əhəmiyyəti məsələlərini gözdən qaçırmamalıdırlar. Çünki elmi ədəbiyyatda bəzən belə fikirlərə rast gəlirik ki, məntiq təfəkkürün forma və qanunlarını öyrənməklə yanaşı, onun düzgünlüyünü də müəyyənləşdirir. Bu tərifə irad tutmaq olar, ona görə ki, məntiq eyni zamanda təfəkkürdə baş verən səhvləri aradan qaldırmaq yollarını göstərir. Təfəkkürün özü anlayışlardan başlayır, anlayışlı təfəkkür isə yalnız insana məxsusdur və bütün fikir fəaliyyətinin "hüceyrəsini" anlayışlar təşkil edir. Buna görə də prof. H.Hüseyinlinin adını çəkdiyimiz kitabında dediyi fikri ("məntiqin predmetini idrakın hissi mərhələsilə rasional mərhələsi arasındakı aralıq mərhələni müəyyənləşdirmək təşkil edir") heç cür qəbul etmək olmaz. Çünki məntiqin predmeti təfəkkürdür, təfəkkür də idrakın yüksək formasıdır, onu "dialektik təfəkkürün aşağı pilləsi" adlandırılan kortəbii təfəkkürlə eyniləşdirmək yanlış fikirdir.
Onda soruşula bilər: Nədir təfəkkür?
Sadə dillə desək, təfəkkür insanın mühakimə yürütmək qabiliyyətidir, onun geniş elmi tərifi isə belədir: təfəkkür insanların praktik fəaliyyəti prosesində gerçəklikdə qavradığı predmet və hadisələrin ümumiləşmiş, vasitəli, mücərrəd və məqsədəuyğun formada beynimizdə inikasıdır.
Bu tərifdən çıxarılan nəticələri oxucu öz praktik fəaliyyətində bir daha yoxlaya bilər. Çıxarılan nəticələrin qısa xülasəsini veririk:
1."Fikirlər aləmi" insan beynində öz-özünə yaranmır, onun ilkin şərti "əşyalar aləmi"nin mövcudluğudur.
2.Tərifdə təfəkkürün obyektiv gerçəklikdən asılılığının spesifik xarakteri aşkara çıxır, yəni təfəkkür gerçəklikdəki predmet və hadisələrin ideal fikirlər formasında yenidən şüurumuzda inikasıdır. Gerçəklik sistemli xarakter daşıyır və cürbəcür sonsuz sistemlər çoxluğundan
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386363) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.