Amerika. İtkin düşmüş

Amerika. İtkin düşmüş
Frans Kafka
On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində öyrəşdiyi hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək.
Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir.

Franz Kafka
Amerika. İtkin düşmüş

Fəsil 1
Ocaqçı
Karl Rossman – hansısa bir qaravaşın yoldan çıxardıb ondan uşaq doğduğu və bu hadisədən kədərlənmiş valideynlərinin Amerikaya yola saldıqları on altı yaşlı oğlan gəminin göyərtəsində asta-asta Nyu-York limanına daxil olanda, hələ uzaqdan diqqətini cəlb etmiş Azadlıq heykəli birdən ona parlaq günəş şüalarında yuyunurmuş kimi göründü.
Heykəlin qılınc tutmuş əli əvvəlki kimi havada idi, gövdəsini isə azad küləklər sarırdı.
Oğlan öz-özünə
– Nə hündürdür! – dedi. Gəmidən enmək fikri olmasa da yanından keçən, getdikcə sıxlaşan yükçü axını onu göyərtənin lap kənarına sıxışdırırdı.
Karlın gəmi səfəri zamanı bir qədər tanış olduğu cavan oğlan onun yanından keçəndə dilucu dedi:
– Siz hələ də enməyə cürət etmirsiniz?
– Mən hazıram, – Karl ona gülümsəyərək dedi və güclü oğlan olduğundan bir qədər də yekəxanalıqla çamadanını çiyninə aldı. Lakin artıq əl ağacını yelləyərək sərnişin kütləsinə qarışmış tanışına baxaraq karıxdı – çətirini kayutda unutmuşdu. O, tanışından çamadanına baxmasını xahiş edərək qayıdanda çaşmamaq üçün ətrafa baxdı və oradan aralandı. Karl aşağıda təəssüflə onun yolunu əməlli-başlı qısalda biləcək keçidin birinci dəfədir ki, bağlı olduğunu gördü. Bu yəqin ki, sərnişinlərin hamısının gəmini tərk etməsi ilə əlaqədar idi. O, bir-birinin ardınca gələn pilləkanları axtarmağa, tez-tez dönən dəhlizlərlə eyni növ yazı masası qoyulmuş, bir-birinə bənzəyən kayutların yanından keçməyə məcbur oldu. Bu yolu cəmi bir neçə dəfə, özü də çoxlu adamların əhatəsində keçdiyindən, nəhayət tamamilə azıb qaldı. Ətrafda bir adam da görmədiyindən, yalnız üst mərtəbədən arası kəsilmədən keçən minayaqlı insan axınını eşidərək və artıq dayandırılmış gəmi mühərriklərinin uzaq səsini hiss edərək, çaşqınlıqla, düşünmədən yanında dayanmış olduğu kiçik qapını döyəcləməyə başladı.
– Qapı açıqdır, – içəridən qışqırdılar, və Karl dərindən nəfəs alaraq qapını itələdi. – Niyə qapını dəli kimi yumruqlayırsınız? – nəhəng boylu kişi gözücü Karla baxıb dedi. Kasıb otağa illüminator vasitəsilə yuxarıdan bulanıq, gəminin daxilində dəfələrlə səpilmiş işıq düşürdü. Çarpayı, dolab, stul və kişi kameradakı kimi bir-birinin yanına sıxılmışdılar.
– Mən azmışam, – Karl dedi. – Səfər zamanı gəminin bu qədər böyük olduğuna diqqət yetirməmişdim.
– Bəli, siz haqlısınız, – kişi böyük olmayan sandığın qıfılını hər iki əli ilə dəfələrlə açıb-bağlaya və dilinin səslənməsinə qulaq asa-asa, müəyyən qürur çaları ilə cavab verdi.
– Gəlin içəri! – kişi hündürdən dedi. – Dəhlizdə durmayacaqsınız ki!
– Mane olmuram? – Karl soruşdu.
– Burada mane olmalı nə var ki?!
– Siz almansınız? – Karl Amerikaya gələn mühacirləri, xüsusən də irlandiyalılar tərəfindən təhdid edən təhlükələr barəsində çox eşitdiyindən özünü sığortalamaq üçün soruşdu.
– Bəli, almanam, alman, – kişi dedi.
Karl hələ də tərpənmirdi. Bu yerdə kişi birdən dəstəkdən çəkərək kayutun qapısını sürətlə örtdü və Karl da içəriyə girdi.
– Dəhlizdən mənə baxmaqlarından zəhləm gedir, – yenidən sandığı ilə məşğul olaraq, bildirdi, – çünki hər keçənin bura baxmasına dözmək mümkün deyil.
– Amma dəhlizdə heç kim yoxdur, – yöndəmsizcəsinə çarpayının dirəyinə sıxılmış Karl dedi.
– İndi belədir. – kişi dedi. «Söhbət də elə «indi»dən gedir, – Karl fikirləşdi. – Bu adamla dil tapmaq asan deyil».
– Çarpayıya uzanın, orada yer daha çoxdur, – kişi dedi. Karl, özünün uğursuz ilk cəhdinə ucadan gülərək, birtəhər oraya soxuldu. Lakin çarpayıya uzanan kimi qışqırdı:
– Aman tanrım, çamadanımı tamam yadımdan çıxartmışam!
– Çamadanın haradadır ki?
– Yuxarı göyərtədə, tanışım ona baxır. Adı necəydi? – əlini anasının səfərdən qabaq pencəyinin astarına tikdiyi gizlin cibə apararaq vizit kartını çıxartdı. – Butterbaum. Frans Butterbaum.
– Çamadan sizə çox lazımdır?
– Əlbəttə.
– Elə isə onu niyə yad adama tapşırmısınız?
– Mən çətirimi aşağıda unutmuşdum, amma onu götürməyə çamadanla getmək istəmirdim. Sonra da azdım.
– Təksiniz? Sizi müşayiət edən yoxdur?
– Hə, təkəm.
«Yəqin ki, bu adamla birlikdə olmaq lazımdır, – Karlın beynindən keçdi. – İndi bundan yaxşı yoldaş tapmaq mümkün deyil».
– Belə. Üstəlik indi çamadanı da itirdiniz. Hələ çətiri demirəm.
Kişi stula oturdu, sanki indi Karlın işi onun üçün müəyyən maraq kəsb etmişdi.
– Güman edirəm ki, çamadanı hələ itirməmişəm.
– Çox sadəlövhsən, – kişi dedi və səylə özünün tünd, qısa və sıx saçlarını qarışdırdı. – hər limanda gəmidə yeni adətlər əmələ gəlir. Hamburqda sizin Butterbaumunuz güman ki, çamadanı qoruyardı, burada isə, çox güman ki, hər ikisinin izi-tozu da qalmayıb.
– Bununla belə mən baxmalıyam, – Karl buradan necə çıxa biləcəyini fikirləşərək dedi.
– Yerində qalmağın daha yaxşıdır, – kişi dedi və demək olar ki, kobudcasına onu geriyə, çarpayıya itələdi
– Niyə ki? – Karl acıqlı soruşdu.
– Çünki bunun mənası yoxdur, – kişi dedi. – Bir dəqiqədən sonra mən də gedəcəm, bir yerdə gedərik. Çamadanı ya oğurlayıblar – onda daha heç nə edə bilməzsən, ya da adam onu qoyub gedib, onda gəmi tamam boşalandan sonra onu tapacağıq. Çətirlə də bunun kimi.
– Siz gəmini yaxşı tanıyırsınız? – Karl inamsız soruşdu və ona elə gəldi ki, Nyu-Yorka gəlib çatmağının gizli səbəbini tapıb. Amma Karlı qüssələndirən o idi ki, çamadandakı şeylərin heç birindən istifadə edilməmişdi, hərçənd ki, məsələn, köynəyini çoxdan dəyişməli idi. Məlum məsələdir ki, o bununla qənaət etmək istəyirdi, amma indi, həyat yolunun başlanğıcında, səliqəli və təmiz görünmək əvəzinə kirli köynəkdə gəzməli olacaq. Bunu nəzərə almasaq çamadanın itməsindən kədərlənməyə dəyməzdi, çünki əynindəki kostyum çamadanda qalandan daha yaxşı idi; açığı o kostyum əlacsız qalanda geyinmək üçün idi, anası onu səfərdən qabaq yaxşıca yamamışdı.
Elə həmin dəqiqə yadına düşdü ki, çamadanda anasının hədiyyəsi olan verona salyamisi var idi. Bütün səfər boyu iştahası olmadığı və tvindekdə verilən supla kifayətləndiyindən ondan lap azca yemişdi. Amma indi ocaqçıya hörmət etmək üçün bu kolbasa lap yerinə düşərdi. Axı belə adamları kiçik əhəmiyyətsiz şeylər bağışlamaqla öz tərəfinə çəkmək çox asandır; Karl bunu siqar paylamaqla işdə rastlaşdığı kiçik məmurları daim öz tərəfinə çəkməyi bacaran atasından bilirdi. İndi Karlın hədiyyə etmək üçün ancaq pulu qalmışdı, lakin çamadan itirildiyindən, pula toxunmaq istəmirdi. Onun fikirləri yenidən çamadanın yanına qayıtdı; əgər çamadanın belə asanlıqla əlindən çıxmasına yol verəcəkdisə, reys zamanı onu niyə bu dərəcədə ciddi-cəhdlə qoruduğunu heç cür anlaya bilmirdi. İki çarpayı solda yatan kiçik slovakın onun xəzinəsinə qəsd etdiyindən şübhələnərək yuxusuz keçirdiyi beş gecə yadına düşdü.
Bu slovak elə onu gözləyirdi ki, Karl nəhayət zəifləyib yatsın, o da bütün günü oynadığı və məşq etdiyi uzun əl ağacı ilə çamadanı özünə çəksin. Gündüz işığında slovak tamamilə təhlükəsiz görünürdü, lakin gecə düşən kimi, tez-tez öz yerindən qalxır və qayğılı surətdə Karlın çamadanına baxırdı. Karl bunu tamamilə açıq-aşkar görürdü, çünki, gəmi qanunları ilə qəti qadağan edilməsinə baxmayaraq, kimsə mühacir narahatlığı ilə işığı yandırır və mühacir agentliklərinin mənasız prospektlərini anlamağa çalışırdı. İşığı yaxında yandırırdılarsa Karl bir qədər mürgüləyə bilirdi, işıq uzaqda olanda və ya heç yandırılmayanda isə gözünü dörd açmalı olurdu. Bu səylər onu əməlli-başlı yorurdu, indiki vəziyyət isə onların tamamilə mənasız olduğunu göstərirdi. Ax Butterbaum, keçərsən bir gün Karlın əlinə!
Bu an kayutun indiyə qədər pozulmayan sakitliyinə haradansa uzaqdan – dəhlizdən – zəif, uşaq addımlarını xatırladan səslər dolmağa başladı; onlar yaxınlaşdılar, daha yaxşı eşidilməyə başladılar və arxayın kişi addımlarının səsinə çevrildilər. Sanki dəhliz dar olduğundan, adamlar cərgəylə gedirdilər, həm də silah cingiltisinə bənzər səslər eşidilirdi. Çamadan və slovakla bağlı qayğılardan azad olub az qala çarpayıda yuxuya getmiş Karl diqqətini topladı və xəbərdar etmək üçün ocaqçını itələdi, çünki nümayişin qabağı deyəsən onların qapısına çatmışdı.
– Bu gəmi orkestridir, – ocaqçı dedi, yuxarıda çalıb qurtarıblar, indi də şeylərini yığışdırmağa gedirlər. Hər şey qaydasındadır. Bizim də getmək vaxtımızdır. Gedəyin!
O, Karlın əlindən yapışdı, müqəddəs Məryəmin çarpayının baş tərəfində divardan asılmış ikonasını çıxardıb döş cibinə qoydu, sandığını götürdü və Karlla birlikdə tələsik kayutdan çıxdı.
– Bu dəqiqə dəftərxanaya gedib, cənablara ağzımdan çıxanı deyəcəm. Orada daha sərnişin yoxdur, ona görə də nəzakət gözləmək vacib deyil. – Ocaqçı bunu müxtəlif tərzdə təkrar edirdi. Getdiyi yerdə dəhlizdən keçən siçovulu təpiklə vurmağa çalışdı, lakin bunun nəticəsində siçovul yuvasının yanında yerə düşdü və bir başa oraya sivişdi. Ocaqçı ümumiyyətlə astagəl idi, çünki ayaqları uzun olsa da, çox yoğun idi.
Onlar sanki qəsdən çirkaba bulaşdırılmış önlük taxmış bir neçə qızın böyük çənlərdə qab-qacaq yuduqları gəmi mətbəxindən keçirdilər. Ocaqçı Lina adlı qızı yanına çağırdı, belini qucaqladı və öz yanınca apardı. Qız nazla onun çiyninə söykəndi.
– İndi pulumuzu ödəyəcəklər, bizimlə gedərsən? – kişi soruşdu.
– Özümü niyə zəhmətə salmalıyam, yaxşısı budur pulu elə bura gətir, – qız cavabında dedi və kişinin qoltuğunun altından sivişib qaçdı. – Belə gözəl oğlan uşağını haradan ilişdirmisən? – qışqırmağa macal tapdı, amma cavabını gözləmədi. Öz işlərini dayandırmış qızlar gülüşdülər.
Ocaqçı qapını hörmətlə döydü və «buyurun» sözü eşidiləndə, əlinin hərəkətiylə Karla içəri gir, qorxma işarəsi verdi. O, içəri girdi, amma qapının yanında dayandı. Dəftərxananın üç illüminatorunun arxasından dəniz dalğalarını gördü və bu zaman ürəyinə şadlıq doldu, sanki beş uzun gün ərzində okeanın ənginliklərinə gözünü dikən o deyildi. Nəhəng gəmilər öz ölçülərinə uyğun ləngər vuraraq, kəsişən istiqamətlərdə hərəkət edirdilər. Gözlərini qıyanda adama elə gəlirdi ki, gəmilər həddən artıq ağır yükdən ləngərləyirlər. Onların dor ağaclarından uzun və nazik, külək əsəndə düzələn, lakin indi müvəqqəti olaraq mənasız titrəyən bayraqlar asılmışdı. Hərdən top atəşləri eşidilirdi, güman ki, hərbi gəmilər salam verirdilər. Çox da uzaqdan keçməyən belə bir gəminin toplarının lülələri polad rəngli işıq saçaraq, fırtınalı okeandakı uğurlu səyahətdən sonra sanki özlərini günə verirdilər. Nəhəng gəmilərin arasından keçərək limana daxil olan çoxsaylı qayıq və kiçik gəmiləri də qapıdan müşahidə etmək olurdu. Bütün bunların arxasından isə Nyu-York min pəncərəli nəhəng göydələnləri ilə Karla baxırdı. Hə, bu otağa girməyə dəyərdi.
Dəyirmi stolun arxasında üç nəfər oturmuşdu: gəmi zabiti göy dəniz formasında, qalan ikisi – liman idarəsinin məmurları qara amerikan mundirində idilər. Zabit, əlində qələm, masanın üzərində qalaqlanmış sənədləri sürətlə nəzərdən keçirir, sonra onları məmurlara ötürürdü. Məmurlar sənədləri oxuyur, gah onlardan çıxarışlar edir, gah portfellərinə qoyur, gah da onlardan biri – dayanmadan dişini dişinə sürtəni – öz həmkarına, protokola salması üçün, nəsə diqtə edirdi.
Pəncərənin yanında, yazı masasının arxasında, arxası qapıya, qarşısındakı möhkəm rəfə düzülmüş nəhəng cildlərlə məşğul olan ortaboylu adam oturmuşdu. Onun yanında açıq və boş – ən azı ilk baxışdan belə görünən – seyf durmuşdu.
İkinci illüminatorun qarşısı boş idi və limanı nəzərdən keçirməyə əla imkan verirdi. Əvəzində üçüncünün yanında pıçıltı ilə söhbət edən iki kişi dayanmışdı. Onlardan birisi – divara söykənmişi də dənizçi formasında idi və qılıncının qəbzəsini oynadırdı. İkincisi illüminatora baxırdı və hərdənbir tərpənəndə, müsahibinin sinəsindəki ordenlər görünürdü. O, mülki paltarda idi və əllərini belinə qoyduğundan onun nazik bambuk əl ağacı da qılınc kimi dik durmuşdu.
Karlın hər şeyi diqqətlə nəzərdən keçirməyə vaxtı çatmadı, çünki qısa bir müddətdən sonra stüard[1 - Təyyarələrdə sərnişinlərə xidmət göstərən və onların təhlükəsizliyinə nəzarət edən şəxs (kişi cinsi)] onlara yaxınlaşdı və ocaqçıya sanki bura onun yeri deyilmiş kimi baxaraq ona nə lazım olduğunu soruşdu. Ocaqçı da onun kimi sakitcə bildirdi ki, baş kassirlə danışmaq istəyir. Stüard öz növbəsində bu istəyi əli ilə rədd etsə də, barmaqlarının ucunda dəyirmi masanın ətrafına uzaqdan fırlanaraq, dərin təzimlə nəhəng cildlərlə məşğul olan adama yanaşdı. Stüardın sözlərindən onun donub qaldığı açıq-aydın göründü, lakin o, nəhayət onunla söhbət etmək istəyən adama tərəf döndü və ocaqçıya, etibarlı olsun deyə stüarda da, etiraz edirmiş kimi əllərini yellədi. Bundan sonra stüard ocaqçıya yaxınlaşdı və az qala məhrəmanə dedi:
– Ləngimədən otağı tərk edin
Bu sözləri eşidən ocaqçı baxışlarını Karla yönəltdi, sanki oğlan onun öz dərdindən şikayət etdiyi ürəyi idi. Uzun fikirləşmədən Karl yerindən tərpəndi, kayutanı sürətlə keçdi – hətta zabitə bir qədər toxundu da. Stüard əyilib, əllərini zəhlətökən həşəratı qovurmuş kimi aralayaraq kiçik addımlarla onun yanıyla qaçsa da Karl baş kassirin masasına birinci çatdı və stüardın onu güclə dartıb otaqdan çıxartmaq istəyini önləmək məqsədiylə masanın küncündən yapışdı.
Təbii ki, o dəqiqə ətrafdakılar hərəkətə gəldilər. Masanın yanındakı dəniz zabiti yana sıçradı; liman idarəsinin nümayəndələri hadisəni sakit, lakin diqqətlə izləyirdilər; illüminatorun yanında söhbət edən iki nəfər yan-yana dayandı; müdiriyyətin maraq göstərməyə başladığı yerdə araya girməli olmadığını hesab edən stüard geri çəkildi. Qapının yanında dayanmış ocaqçı gərgin vəziyyətdə onun köməyinə ehtiyac yaranacaq dəqiqəni gözləyirdi.
Karl öz hərəkəti ilə gizli cibini hamının qarşısında aşkara çıxartmaqdan qorxmayaraq, əlini oraya saldı, və özünü təqdim edirmiş kimi, xarici pasportunu çıxarıb açıq şəkildə masanın üzərinə qoydu. Pasport baş kassirə tamamilə lazımsız göründüyü üçün çırtma ilə onu kənara itələdi, Karl da bununla məsələnin formal tərəfinin bitdiyini hesab edib onu yenidən cibinə gizlətdi.
– İcazə verin deyim ki, – oğlan sözünə başladı, – fikrimcə cənab ocaqçıya qarşı ədalətsizlik edilmişdir. Burada ona tor quran Şubal adlı birisi var. Cənab ocaqçı sizə adlarını sadalaya biləcəyi çoxlu gəmilərdə xidmət etmişdir, o çalışqandır, işini səylə yerinə yetirir və doğrudan da aydın deyil ki, niyə yelkənli gəmi ilə müqayisədə xidmətin o qədər də çətin olmadığı məhz bu gəmidə o yerinə düşməmiş hesab edilir. Deməli yalnız böhtan ona xidmətdə irəliləməyə mane olur və onu başqa hallarda mütləq qazanacağı təqdirdən məhrum edir. Mən ancaq işin məğzin söylədim, konkret şikayətlərini o özü deyəcək.
Karl öz nitqini bütün cəmiyyətə yönəltmişdi, əslində hamı da ona qulaq asırdı; onların arasında ədalətli bir insan tapıla bilərdi, özü də bu, mütləq baş kassir olmalı deyildi. Həm də Karl biclik işlədib, ocaqçı ilə təzəcə tanış olduğunu gizlətmişdi. Oğlan indi durduğu yerdən əl çubuğu gəzdirən adamın pörtmüş sifətini görməsəydi, daha bəlağətli danışa bilərdi.
– Bütün bunlar, birinci sözdən sonuncusuna qədər tamamilə doğrudur, – ocaqçı, kimsə ona sual verməyə və ya heç olmasa ona tərəf baxmağa macal tapmamış dedi. Ordenli cənab – Karlın gümanına görə bu ancaq kapitan ola bilərdi – ona qulaq asmağa qərar verməsəydi, ocaqçının bu tələskənliyi böyük səhvə çevrilə bilərdi. O, amiranə surətdə əlini qaldırdı və ucadan «Bura yaxınlaşın!» dedi. Onun səsi çəkiclə döyməyə hazır olan dəmir kimi idi. İndi hər şey ocaqçıdan asılı idi, çünki Karl onun şikayətlərinin ədalətli olmasına şübhə etmirdi.
Xoşbəxtlikdən məlum oldu ki, ocaqçı dünyanı havayı yerə gəzməyib. Tələsmədən, özünə hörmətlə sandığından kağızlar bağlısını və qeyd kitabçasını çıxarıb, belə də olmalıymış kimi, baş kassirə etina etmədən, kapitana yaxınlaşdı və öz sübutlarını pəncərənin qarşısına düzdü. Baş kassirin yaxına durmaqdan başqa əlacı qalmadı.
– Bu adam məşhur fitnəkardır, – kassir izah etdi, – maşın şöbəsindən olmaqdan da daha artıq dəftərxanada avaralanır. Şubalı, bu səbrli adamı, tam çıxılmaz vəziyyətə gətirib. Qulaq asın! – ocaqçıya müraciət etdi. – Sizin zəhlətökənliyiniz doğrudan da son həddə çatıb. Sizi, tam və son dərəcə cəfəng iddialarınızla haqq etdiyinizdən, neçə dəfə mühasibatlıqdan qovublar! Siz neçə dəfə oradan qaçıb mənim yanıma gəlmisiniz! Mən sizə neçə dəfə yaxşılıqla izah etmişəm ki, Şubal sizin birbaşa rəisinizdir, siz də tabeliyində olan adam kimi onunla yola getməyə borclusunuz! İndi isə utanmadan bura gəlib kapitanın zəhləsini tökürsünüz və özünüzlə sizin bayağı ittihamlarınızı əzbərləyib təkrar edən və mənim gəmidə birinci dəfədir ki, gördüyüm züytutan gətirməyə də sırtıqlığınız çatır!
Karlın könlündən elə hey irəli dürtülmək keçirdi, amma özünü saxlayırdı. Amma bu yerdə kapitan işə qarışdı:
– Hər halda, gəlin bu adama qulaq asaq. Mənə də elə gəlir ki, Şubal müəyyən müddətdir ki, öz səlahiyyətlərini aşır, lakin mən bunu sizə bəraət qazandırmaq üçün demirəm.
Son sözlər ocaqçıya aid idi; təbii ki, kapitan o dəqiqə onu müdafiə edə bilməzdi, amma deyəsən hər şey lazım olan kimi gedirdi. Ocaqçı izahat verməyə başladı və zorla da olsa Şubalı «cənab» rütbəsinə yüksəltdi. Karl isə baş kassirin buraxıb getdiyi masanın yanında dayanıb, məmnunluğundan poçt tərəzisini yellədərək bütün qəlbi ilə sevinirdi.
– Cənab Şubal haqsızdır! Cənab Şubal xaricilərə himayədarlıq edir! Cənab Şubal məni maşın bölməsindən qovmuş və ayaqyoluları təmizləməyə məcbur etmişdir ki, bu da ocaqçının vəzifəsinə aid deyildir!
Hətta cənab Şubalın işgüzarlığı belə şübhə altına qoyulmuşdu: yəni o, əslində gerçək olmaqdan daha artıq xəyalidir. Bu yerdə Karl, sanki həmkarı imiş kimi, kapitana baxdı, yəni nə etmək olar ki, ocaqçının ifadə tərzi belədir. Bununla belə bu uzun nitqdə konkret heç nə eşidilmədi və kapitan bu dəfə ocaqçını axıra qədər dinləməyi qəti qərara alıb, hələ də qarşı tərəfə baxmağı davam etdirsə də, qalanları artıq səbirsizlik nişanələri göstərirdilər. Bir qədər sonra ocaqçının səsi ümumi diqqət mərkəzi olmaqdan çıxdı ki, bu da müəyyən təhlükə yaratmağa başladı. Əvvəlcə mülki geyimli adam bambuk əl ağacını işə saldı, zəif eşidilsə də onunla döşəməni taqqıldatmağa başladı. Qalanları oyan-bu yana baxırdılar; liman idarəsindən olan məmurlar, yəqin ki, tələsdikləri üçün, yenidən sənədləri götürüb, hələlik bir qədər dalğın nəzərlərlə də olsa onları gözdən keçirməyə başladılar; zabit yenidən stulunu yaxına çəkdi, baş kassir isə, qalib gəldiyini fikirləşərək, istehzalı təbəssümlə dərin köks ötürdü. Ümumi dalğınılıq, deyəsən, təkcə dünyanın güclülərinin dabanı altında kiçik adamın çəkdiyi əzabları müəyyən dərəcədə öz təcrübəsindən bilən stüarda toxunmamışdı. O, Karla baxıb, sanki hərəkətiylə nəyisə izah etməyə çalışaraq, ciddi-ciddi başını tərpədirdi.
Bu zaman isə pəncərənin arxasındakı liman öz həyatı ilə yaşayırdı, diyirlənib düşməmələri üçün bir-birinin üstünə böyük ustalıqla dağ kimi yığılmış çəlləkləri daşıyan alçaq barja gəminin yanından keçərək, otağı bir dəqiqəliyə yarıqaranlığa bürüdü; Karlın, vaxtı olsaydı, indi diqqətlə nəzərdən keçirə biləcəyi katerlər sükançıların qüvvətli əllərinə tabe olaraq, ox kimi irəli şütüyürdülər. Qəribə üzən əşyalar orda-burda gözlənilmədən suyun üzünə qalxır və seyrçilərin təəccüblü baxışları altında, yenidən suyun altında gizlənirdilər; gümrah avarçı matroslar okean paroxodlarının ağzına kimi sərnişinlə dolu qayıqlarını irəli aparırdılar. Qayıqların hər tərəfdən bir-birinə sıxılmış sərnişinləri əksəriyyəti ürkək də olsa ümidlə oturmuşdular, hərçənd bəziləri dəyişkən mənzərəni seyr etmək imkanını əldən verməmək üçün başlarını o yan-bu yana döndərirdilər. Sonsuz hərəkət və heç zaman sakitləşməyən ətraf mühitin narahatlığı kiçicik adamlara və onların əməyinin bəhrələrinə də keçirdi.
Hər şey də cəldliyə, aydınlığa, öz vəzifələrinin tam dəqiq yerinə yetirilməsinə çağırırdı, bəs ocaqçı nə ilə məşğul idi? O, öz nitqindən başdan-ayağa tərləmişdi və artıq çoxdan öz kağızlarını, titrəyən əlləri ilə, pəncərənin qabağında saxlaya bilmirdi; dünyanın hər tərəfindən ona Şubaldan şikayətlər gəlirdi və bu şikayətlərin hər biri, ocaqçının fikrincə, bu Şubalı məhv etmək üçün tamamilə yetərli idi, o isə kapitana yalnız kədərli qatma-qarışıqlıq təqdim edə bilmişdi. Bambuk əl ağacı gəzdirən cənab çoxdandır ki, tavana baxaraq yüngülcə fit çalırdı; liman məmurları masanın arxasındakı zabiti mühasirəyə almışdılar və bütün görkəmləri ilə onu azad etmək fikrində olmadıqlarını göstərirdilər; baş kassiri söhbətə müdaxilə etməkdən ancaq kapitanın sakitliyi çəkindirirdi; stüard «farağat» vəziyyətində dayanıb hər dəqiqə kapitanın ocaqçı barəsində göstərişini gözləyirdi.
Artıq bu şəraitdə Karl passiv qala bilməzdi. O, yolboyu işi daha ustalıqla necə yoluna qoya biləcəyini fikirləşərək, asta-asta ocaqçıya doğru getdi. Müdaxilə etmək vaxtı idi, bir qədər də belə davam etsə ocaqçı ilə birlikdə otaqdan bayıra atılacaqdı. Kapitan, əlbəttə, xeyirxah adamdır, həm də, Karlın fikrincə, indi ədalətli rəis rolunda çıxış etməsi üçün xüsusi əsaslara malik idi, amma onu boş sözlərlə təngə gətirmək olmazdı; ocaqçı isə sonsuz hiddətindən də olsa, məhz bunu edirdi. Beləliklə Karl ocaqçıya müraciət etdi:
– Siz daha sadə, daha aydın danışmalısınız, cənab kapitan sizin dolaşıq söhbətinizi anlamaq iqtidarında deyil. Məgər o, bütün maşinist və kuryerləri, adı bir yana, soyadı ilə tanıyır ki, siz ağzınızı açan kimi söhbətin kimdən getdiyini duysun? Şikayətlərinizi qayda ilə söyləyin; ən əsasını birinci, sonra isə böyükdən balacaya keçməklə qalanlarını; bəlkə bu vaxt əksəriyyətini deməyə ehtiyac da qalmayacaq. Axı bunları mənə çox aydın söyləmişdiniz!
«Amerikada çamadanları oğurlamaq olursa, hərdən bir yalan danışmaq da günah deyil» – özünü təmizə çıxarmaq üçün düşündü.
Heç olmasa bu kömək edəydi! Görəsən çox gec deyil ki? Düzdür, ocaqçı tanış səsi eşidən kimi susdu, lakin kişi heysiyyətinə toxunulmaqdan, dəhşətli xatirələrdən və hazırkı son dərəcə ağır vəziyyətdən yaşla dolmuş gözləri Karlı əməlli-başlı seçə bilmirdi. Özü də məhz indi, – Karl susmuş ocaqçını sözsüz anladı, – məhz indi öz ifadə tərzini necə dəyişəcəkdi, axı hesab edirdi ki, zərrə qədər şəfqət oyada bilməsə də, artıq hər şeyi deyib, eyni zamanda da sanki hələ heç nə deməyib, amma ağaların onu sona qədər dinləyəcəyinə də ümid etmək mümkün deyil! Məhz belə bir anda onun yeganə müttəfiqi olan Karl söhbətə müdaxilə edir, yaxşı məsləhət vermək istəyir, əvəzində isə hər şeyin artıq məhv olduğu faktını təsdiq edir!
«Gərək, pəncərəyə baxmaq yerinə, bir qədər əvvəl müdaxilə edəydim», – Karl ocaqçının baxışları altında başını aşağı əyib, ümidsizlikdən əllərini dizlərinə çırparaq öz-özünə dedi. Lakin ocaqçı onun hərəkətini düzgün anlamadı və güman ki, Karlın davranışında özünə gizli bir qınaq hiss edib, Karlı fikrindən döndərmək üçün onunla mübahisəyə başladı. Özü də dəyirmi masanın arxasındakı cənabların onların vacib işinə mane olan bu mənasız küyə çoxdan acıqları tutduğu, kapitanın dözümünə məəttəl qalmış baş kassirin partlamağa hazır olduğu, yenidən tamamilə ağaların tərəfinə keçmiş stüardın baxışı ilə ocaqçını külə döndərməyə çalışdığı və, nəhayət, kapitanın da ara-sıra dostcasına nəzər saldığı əl ağaclı cənabın ocaqçıya qarşı tam soyuduğu, hətta ona nifrət bəsləməyə başladığı, cib dəftərini çıxararaq öz işləri haqqında düşündüyü və ara-sıra baxışlarını dəftərçədən Karla və geriyə çevirdiyi bir vaxtda.
– Axı mən bilirəm, – Karl artıq ocaqçının ona doğru yönəlmiş söz püskürtüsünün qarşısını almaq məqsədiylə, lakin bununla belə ona dostcasına gülümsəyərək dedi, – siz haqlısınız, haqlısınız, mənim buna heç bir şübhəm yoxdur. – O, dava düşə biləcəyi qorxusundan, əl-qol atan ocaqçının əllərindən məmnuniyyətlə tutub, onu bir kənara çəkər və heç kimin eşitməməsi üçün, bir neçə sakitləşdirici söz pıçıldayardı. Lakin ocaqçı artıq dəhnəni dişləmişdi. İndi Karl son nəticədə ocaqçının buradakı yeddi adamı öz ümidsiz vəziyyətinin gücü ilə fəth edəcəyi fikrindən müəyyən təskinlik tapmağa çalışırdı. Yeri gəlmişkən, diqqətlə baxanda görünürdü ki, yazı masasının üstündə çoxlu elektrik düymələri olan pult var; əlini ona vur, bütün gəmi, düşmən adamlarla dolu olan dəhlizləri ilə birlikdə, ayağa qalxsın.
Bu an, bambuk əl ağaclı laqeyd cənab Karla yanaşdı və ucadan olmasa da ocaqçının küyünü üstələyən aydın səslə soruşdu:
– Sizin özünüzün adı nədir?
Bu yerdə, sanki bu sualı gözləyirmiş kimi, kimsə qapını döydü. Stüard kapitana baxdı, o isə başını tərpətdi. Stüard qapıya yaxınlaşıb onu açdı. Astanada dolu bədənli, köhnə sürtük geyinmiş, zahirən maşınlarla işləməyə o qədər də uyğun görünməyən kişi dayanmışdı, amma onun Şubal olduğuna şübhə yox idi. Karl bunu içəridəkilərin, o cümlədən də kapitanın, simalarında yaranmış müəyyən məmnunluqdan hiss etməsəydi belə, yanına sallanmış əllərinin yumruqlarını – bu hərəkətin həyatını qurban verə biləcəyi qədər vacib olduğunu göstərən dərəcədə – düyünləmiş ocaqçının vahiməsindən mütləq anlayardı. Onun bütün gücü – ayaq üstə dayanmasına kömək edən hissəsi belə – bu sıxılmış yumruqlarına dolmuşdu.
Budur, özünün nümayiş geyimində, azad və gümrah düşmən, qoltuğunun altında kantor kitabı – güman ki, bunlar ödəmə vərəqləri və ocaqçının xasiyyətnamələri idi – adamların münasibətini öyrənmək istədiyini gizlətmədən növbə ilə hər bir şəxsin gözünün içinə baxır. Artıq yeddi nəfərin hamısı onun tərəfində idi, çünki əvvəldə kapitanın ona qarşı hər hansı obyektiv və ya, heç olmasa, uydurma tələbləri var idisə də, ocaqçının verdiyi işgəncədən sonra, güman ki, Şubal ona nöqsansız işçi kimi görünəcəkdi. Ocaqçı kimiləri ilə yumşaq davranmaq olmaz və Şubalı yalnız bir şeydə, indi kapitanın yanına gəlməyə cürət etmiş ocaqçının inadını bu qədər uzun müddət ərzində qıra bilməməkdə ittiham etmək olardı.
İndi, güman etmək olardı ki, ocaqçı və Şubalın üzləşdirilməsi bu adamlara ali məclisə təsir edəcək qədər təsir göstərəcək, çünki Şubal riyakarlığı yaxşı bacarsa da, çətin ki, öz rolunu sona qədər oynaya bilsin. Onun hirsinin qısaca bir partlayışı kifayətdir ki, otaqdakılar bunu görsünlər; Karlın bunun qayğısına qalacağına şübhə yox idi. O, artıq hər bir şəxsin bəsirəti, zəif tərəfləri, tərsliyi barəsində müəyyən şeyləri bilirdi və bu mənada burada olduğu vaxtı hədər keçirməmişdi. Bircə ocaqçı özünü saxlaya bilsəydi. Amma o, heç döyüş qabiliyyətli görünmürdü. Şubalı onun yanına gətirsəydilər, yəqin ki, onun nifrət etdiyi kəlləsini yumruqları ilə dağıda bilərdi. Lakin özünün bu adama tərəf bir neçə addım atmasına ocaqçının gücü çatmazdı.
Nəyə görə bu qədər ehtiyatlı olan Karl Şubalın öz təşəbbüsü ilə olmasa da kapitanın çağırışı ilə bura gələcəyini öncədən nəzərə almamışdı? Nəyə görə ocaqçı ilə bura gələndə, yol boyu, onunla dəqiq fəaliyyət planını müzakirə etməmişdi – əslində onlar bu qapıya tam hazırlıqsız girmişdilər. Ocaqçı ümumiyyətlə, ən yaxşı halda baş tuta biləcək çarpaz dindirmə zamanı suallara, tələb olunan qaydada, «hə» və «yox»la cavab verməyə qabildir? Odur durub, ayaqlarını aralı qoyub, dizləri əsir, başını bir qədər qaldırıb və hava açıq udlağında xışıldayır, sanki daha nəfəs almaq üçün, sinəsində ciyərləri yoxdur.
Karl isə özünü evlərində heç vaxt olmadığı qədər güclü və dərrakəli hiss edirdi. Kaş valideynləri onun yad yerdə, hörmətli şəxslərin qarşısında yaxşılığı necə müdafiə etdiyini görəydilər; hələ qalib gəlməyibsə də, sona qədər vuruşmağa hazırdır! Görəsən, onun haqqında fikirlərini dəyişərdilər? Özləri ilə birlikdə masa arxasına oturdardılar? Tərifləyərdilər? Sonsuz fasilədən sonra onun sevən gözlərinə baxardılar? Mənasız suallardır və onları verməyin heç vaxtı deyil!
– Mən, ocaqçının məni hansısa çirkin hərəkətlərdə ittiham etdiyini güman edərək gəlmişəm. Kambuzdan olan qız onun bura istiqamət götürdüyünü mənə dedi. Cənab kapitan və bütün burada olan cənablar, mən özümə qarşı irəli sürülən bütün ittihamları sənədli surətdə, lazım gələrsə isə qapının arxasında gözləyən obyektiv və bitərəf şahidlərin ifadələri ilə təkzib etməyə hazıram. – Şubal belə deyirdi. Hər halda bu, anlaşıqlı insan nitqi idi və qulaq asanların sifətlərinin ifadəsindən onların uzun müddətdən sonra, birinci dəfədir ki, anlaşılan səslər eşitdiklərini fikirləşmək olardı. Düzdür, onlar bu gözəl nitqin də müəyyən kələ-kötürlüyə malik olduğunu hiss etmədilər. Nəyə görə onun ağlına gələn ilk ifadə «çirkin hərəkətlər» olmuşdu? Bəlkə ittihamı da Şubalın milli ayrı-seçkiliklə bağlı fikirlərindən yox, məhz bundan başlamaq lazım idi? Kambuzdan olan qız ocaqçının dəftərxanaya gəldiyini görmüşdü və Şubal da o dəqiqə hər şeyi anlamışdı? Bunu anlamağa sövq edən günah hissi deyildimi? O dəqiqə də özüylə şahidlər gətirmiş və hətta onları «obyektiv» və «bitərəf» adlandırmışdı? Fırıldaqçılıqdır, vəssalam!
Otaqdakılar isə buna dözür və, hətta, belə hərəkəti düzgün hesab edirlər?
Qızla danışığı ilə bura gəlməyi arasında keçən bu qədər uzun müddət onun nəyinə lazım olmuşdu? Onun üçünmü ki, ocaqçı nəhayət ağaları yorsun və onların mühakimə qabiliyyətləri korşalsın, çünki Şubal birinci növbədə məhz mühakimə qabiliyyətindən qorxurdu. Aydın idi ki, o, uzun müddət qapının arxasında dayanmış və onu bu cənabın mənasız sualında ocaqçının işi bitdiyi fikrinin təsdiqini tapdığı an döymüşdü.
Hər şey aydın idi, Şubal, öz istəyinin əksinə olsa da, işi belə təqdim etmişdi, amma cənablara bunu başqa cür, daha əyani göstərmək lazım idi. Onları silkələməyə ehtiyac var idi. Ona görə də, Karl tez ol, nə qədər ki, şahidlər dəftərxanaya doluşmayıblar fürsəti qaçırma!
Kapitan da elə məhz bu vaxt Şubala işarə etdi, o da – işini qısa müddətə də olsa təxirə saldıqlarından – cəld kənara çəkildi və ona qoşulmuş stüardla yavaşca söhbət etməyə başladı; özü də bu vaxt onlar çoxmənalı jestlər edir və hər dəqiqə Karl və ocaqçıya baxırdılar. Sanki Şubal yeni nitqini məşq edirdi.
– Cənab Yakob, siz deyəsən cavan oğlandan nəsə soruşmaq istəyirdiniz? – yaranmış sakitlikdə kapitan bambuk əl ağaclı cənaba müraciət etdi.
– Elədir, – cənab yüngül təzimlə kapitana diqqətinə görə təşəkkür edərək dedi. Və bir daha Karldan soruşdu: – Bəs sizin adınız nədir?
Karl əsas işin xeyrinə bu təkidli sualçının müdaxiləsinə tez son qoymaq lazım olduğunu düşünərək, bu dəfə, həmişəkindən fərqli olaraq, gizli cibindən çıxartmalı olacağı pasportu təqdim etmədən qısaca cavab verdi:
– Karl Rossman.
– Amma, – cənab Yakob adlandırdıqları şəxs dedi və bir qədər şübhəylə gülümsəyib, sanki bir qədər uzağa durmaq istədi.
Kapitan, baş kassir, gəmi zabiti və hətta stüard da Karlın adını eşidəndə, son dərəcə təəccübləndiklərini açıq-aşkar biruzə verdilər. Yalnız liman məmurları və Şubal buna laqeyd yanaşdılar.
– Amma, – cənab Yakob təkrar etdi və bir qədər qətiyyətsiz addımlarla Karla doğru getdi, – belə isə mən sənin dayın Yakob, sən isə mənim əziz bacıoğlumsan. Mən həmişə bunu hiss edirdim! – o, baş verənləri səssiz-səmirsiz qəbul edən Karlı qucaqlayıb öpməzdən əvvəl kapitana dedi.
– Sizin adınız nədir? – cənabın onu ağuşundan buraxdığını hiss edən Karl kifayət qədər hörmətlə, lakin tamamilə soyuqqanlı və fikrində bu hadisənin ocaqçı üçün hansı nəticələrə gətirə biləcəyini əvvəldən tapmağa çalışaraq soruşdu. Bunun Şubala xeyri olmayacağı ilk baxışdan məlum idi.
– Cavan oğlan, nə qədər bəxtəvər olduğunuzu başa düşün! – Karlın sualında cəmiyyətə özünün cib dəsmalı ilə silməkdə olduğu həyəcanlanmış sifətini göstərmək istəmədiyi üçün pəncərə tərəfə getmiş cənab Yakobun heysiyyətinə toxunacaq bir şeylər hiss edən kapitan ucadan dedi. – Bu, cənab senator Edvard Yakobdur və o, sizin dayınızdır. Bundan sonra sizi parlaq gələcək gözləyir, siz güman ki, bunu heç cür gözləmirdiniz. Bunu mümkün qədər anlamağa çalışın və özünüzü ələ alın!
– Əlbəttə, mənim Amerikada Yakob dayım, anamın qardaşı var, onun da adı Yakobdur, lakin soyadı, təbii ki, mənim anamın qızlıq soyadı ilə eyni – Bendelmayerdir.
– Cənablar! – pəncərənin yanındakı sığınacağından cəld geri qayıdan senator, Karlın sözlərini nəzərdə tutaraq az qala qışqırdı.
Liman məmurlarından başqa hamı – bir hissəsi sanki təsirlənərək, digərləri isə donuq sifətlə – ucadan güldü.
«Mənim dediyim o qədər də məzəli deyildi», – Karl fikrindən keçirdi.
– Cənablar, – senator təkrar etdi, – mənim və sizin istəyinizə zidd olaraq, siz kiçik ailə səhnəsinin iştirakçısı oldunuz, ona görə də mən sizə izahat verməyə bilmərəm, çünki, gümanıma görə ancaq cənab kapitan, – bu yerdə onlar bir-birinə yüngül təzim etdilər, – məsələdən tam halıdır.
«İndi mən doğrudan da hər sözə diqqətlə qulaq asmalıyam» – Karl fikirləşdi və kənara baxaraq, sevinclə ocaqçının yavaş-yavaş həyata qayıtdığını gördü.
– Amerikada olduğum uzun illər ərzində – əlbəttə «olmaq» sözü Amerika vətəndaşına, mən isə sümüklərimin iliyinə qədər Amerika vətəndaşıyam, uyğun gələn söz deyil, – özümün avropalı qohumlarımla heç bir əlaqəm olmayıb; birincisi bunun səbəblərinin buradakılara bir aidiyyəti yoxdur, ikincisi isə bu barədə danışmaq mənim üçün çox ağırdır. Mən onları sevimli bacıoğluma açacağım andan qorxuram da, hərçənd, çox ehtimal ki, onun valideynləri və yaxınları haqqında açıq danışmaqdan qaçmaq da mümkün olmayacaq.
«Onun mənim dayım olmasına heç bir şübhə yoxdur; yəqin sadəcə soyadını dəyişib», – Karl öz-özünə dedi və qulaq asmağa davam etdi.
– Hal-hazırda valideynləri – gəlin hər şeyi öz adıyla çağıraq – zəhlətökən pişiyi evdən bayıra çıxartdıqları kimi, mənim əziz bacıoğlumu da evdən bayıra atıblar. Bacıoğlumun tutduğu və buna görə də cəzalandırıldığı işləri təmizə çıxarmaq istəmirəm, lakin bu, adının özündə kifayət qədər üzr olan işlərdəndir.
«Pis səslənmir», – Karl fikirləşdi, – amma, yenə də onun hər şeyi danışmasını istəməzdim. Hərçənd o hər şeyi bilə də bilməz. Haradan bilsin ki?»
– Beləliklə, – dayı bambukdan olan əl ağacını qarşısına qoyub, bir qədər əyilərək ona söykəndi və bununla da vəziyyəti çulğaması qaçılmaz görünən lazımsız ciddiyyəti aradan qaldıra bildi, – beləliklə İohanna Brummer adlı, otuz beş yaşlı qulluqçu qadın onu başdan çıxartmışdır. «Başdan çıxartmışdır» deməklə bacıoğlumun xətrinə dəymək istəmirəm, lakin bu qədər yerinə düşən başqa bir söz tapmaq çətindir.
Dayısına artıq kifayət qədər yaxınlaşmış Karl, dayısının dediklərinin otaqdakılara necə təsir etdiyini onların üzündən oxumaq üçün başını qaldırdı. Heç kim gülmürdü, hamı ciddi və səbrlə qulaq asırdı. Həm də senatorun bacısı oğluna ilk imkan düşən kimi gülmürlər. Təkcə ocaqçının Karla yüngülcə gülümsədiyini qeyd etmək olardı, amma bu, birincisi həyata qayıtmağın yeni əlaməti, ikincisi isə tamamilə bağışlanılan idi, çünki Karl kayutda indi ictimaiyyətə məlum olmuş faktı gizlətmişdi
– Və bu Brummer, – dayı davam etdi, – mənim bacıoğlumdan, xaç suyuna çəkmə zamanı, şübhəsiz ki, bacıoğlumun sözarası yada salmış olduğu, lakin xoşbəxtlikdən qızda güclü təəssürat buraxmış sadə şəxsimin şərəfinə Yakob adı verilmiş möhkəm bir oğlan uşağı doğub. Niyə xoşbəxtlikdən? Çünki valideynlər uşağı saxlama xərclərindən və ümumiyyətlə onlara toxuna biləcək hər cür qalmaqaldan qaçmaq üçün, – nə oranın qanunlarını, nə də onun valideynlərinin vəziyyətini bilmədiyimi bir daha vurğulamaq istəyirəm, – beləliklə, uşağı saxlamaq üçün vəsait verməmək və başqa qalmaqallardan qaçmaqdan ötrü öz oğlanlarını, mənim əziz bacıoğlumu məsuliyyətsiz olaraq kiçik maliyyə vəsaiti ilə təchiz edərək Amerikaya yollamışlar; yalnız Amerikada hələ də baş verməkdə davam edən möcüzələr olmasaydı özbaşına qalmış yeniyetmə, ehtimal ki, həmin saat Nyü-Yorkun dalanlarından birində itib-batacaqdı, amma xoşbəxtlikdən həmin xidmətçi qadın mənə məktub yazmış – bu məktub uzun səyahətdən sonra srağagün mənim əlimə çatıb – və baş verənlər və bacıoğlumun zahiri görkəmini təsvir etməklə yanaşı, orada, tədbirlə, gəminin adını da qeyd edib.
– Cənablar, əgər mən sizi əyləndirmək fikrində olsaydım, sizə məktubdan ayrı-ayrı hissələri oxuyardım. – O, cibindən iki böyük xırda hərflərlə sıx yazılmış poçt kağızı çıxartdı və onları yellədi. – Məktub, əlbəttə ki, güclü təəssürat yaradardı, çünki müəyyən sadəlövh, lakin daim xeyirxah bir biclik və uşağın atasına böyük sevgi ilə yazılmışdır. Lakin mən nə sizi izahatımla lazım olandan artıq əyləndirmək, nə də bacıoğlumun – istəsə, ibrət almaq üçün, məktubu artıq onu gözləyən otağın sakitliyində oxuya bilər – ola bilsin ki, hələ də yaşayan hisslərini təhqir etmək istəmirəm.
Lakin Karl bu qıza heç bir hiss bəsləmirdi. Qız, keçmişin getdikcə uzaqlaşan hadisələrində, qapağına dirsəkləndiyi mətbəx masasının yanında otururdu. Karl atası üçün bir stəkan su götürmək və ya anasının hansısa tapşırığını yerinə yetirmək üçün mətbəxə girəndə qız ona baxırdı. Bəzən İohanna bufetin yanında narahat pozada durub, Karlın simasından ilham alaraq məktub yazırdı. Bəzən əlləri ilə gözünü örtür və ətrafdakı heç nəyi eşitmirdi. Vaxtaşırı özünün mətbəxlə yanaşı olan darısqal hücrəsində dizi üstünə çöküb, ağacdan yonulmuş çarmıx qarşısında dua edirdi; həmin anlarda Karl oradan ötərkən aralı qalmış qapının yarığından ürkəkcəsinə qıza baxırdı. Hərdən mətbəxdə var-gəl edir və Karlla rastlaşanda ucadan, əcinnə kimi qəhqəhə çəkərək geri sıçrayırdı.
Ya da Karl içəri girəndə mətbəx qapısını bağlayır və oğlan onu buraxmağını xahiş edənə qədər dəstəyindən tutub dururdu. Bəzən qız lazım olmayan əşyaları götürür və dinmədən onun ovcuna soxurdu. Lakin bir dəfə qız ona «Karl» dedi, həsrətlə içini çəkə-çəkə, əzilib-büzülərək, gözlənilməz müraciətdən özünü itirmiş oğlanı öz otağına çəkdi və qapını içəridən bağladı. Oğlanı az qala boğulana qədər qucaqlayıb, onu soyundurmasını xahiş etdi, əslində isə özü oğlanı soyundurub, sanki bundan sonra ona şəriksiz sahib olmaq, ömrünün sonuna qədər əzizləmək və qulluq etmək istəyirmiş kimi öz yatağına uzatdı. Qız gözləri ilə öz əsirini yeyərək, ehtirasla «Karl! Mənim Karlım!» qışqırır, o isə heç nə görmürdü və qızın, deyəsən, xüsusi olaraq onun üçün üst-üstə yığdığı isti tük döşəkçələrin üstündə özünü narahat hiss edirdi.
Sonra qız onun yanına uzandı və ondan hansısa sirlərini almağa çalışdı, lakin oğlanın danışmalı bir sözü olmadığından, yarızarafat-yarıgerçək hirsləndi, onu dartışdırmağa başladı, qulağını onun sinəsinə söykəyib ürəyinin necə döyündüyünə qulaq asdı, özünün ürəyinin səsinə qulaq asmağı təklif etdi, lakin Karl buna qəti etiraz etdi; lüt qarnı ilə onun bədəninə sürtüdü, əli ilə bədəninin aşağısına elə iyrənc və ayıbcasına toxundu ki, Karl başını və boğazını balışların altından çıxartmalı oldu; sonra qız qarnı ilə onu, sanki bədəninin bir hissəsinə çevrilmiş kimi, bir neçə dəfə itələdi və güman ki, elə buna görə oğlan özünü dəhşətli dərəcədə aciz hiss etdi. Nəhayət uzun çəkən xudahafizləşmədən sonra oğlan gözüyaşlı öz yatağına qayıtdı. Olanlar bu idi, amma dayısı bundan böyük bir əhvalat düzəltməyi bacarmışdı. Deməli mətbəx xidmətçisi nəinki onu yaddan çıxartmamışdı, hələ onun gələcəyi barəsində dayısına xəbər də vermişdi. Qadın bunu yaxşı fikirləşmişdi və yəqin ki, nəvaxtsa oğlan ona təşəkkürünü bildirəcəkdi.
– İndi isə, – senator ucadan soruşdu, – məni öz dayın hesab edirsən, ya yox.
– Sən mənim dayımsan, – Karl dedi və onun əlini öpdü, o isə oğlanın alnından öpdü. – Mən səninlə rastlaşdığıma çox şadam, amma valideynlərimin sənin haqqında həmişə yaman söyləmələri fikrin yanlışdır. Hələ onu demirəm ki, sənin dediklərində müəyyən səhvlər var, əslində hadisələrin bir qədər fərqli baş verdiyini nəzərdə tuturam. Hərçənd sən burada dayanıb oradakı bütün hadisələr barəsində düzgün mülahizə yürüdə də bilməzsən, həm də fikrimcə burada olanların onlar üçün xüsusi maraq kəsb etməyən məsələ haqqında məlumatlarının səhih olmaması qorxulu da deyil.
– Əla deyilib, – senator Karlı, rəğbət bəslədiyi açıq-aşkar hiss edilən kapitana tərəf apardı və soruşdu: – Bacıoğlum əladır, elə deyil?
– Mən şadam, – kapitan hərbi təhsilini nəzərə çarpdıran təzimlə dedi, – cənab senator, sizin bacıoğlunuzla ilə tanış olmağıma çox şadam. Belə bir görüşün mənim gəmimdə baş verməsi xüsusi şərəfdir. Düzdür, dördüncü siniflə səyahət etmək güman ki, bir qədər yorucudur, amma kimi apardığını haradan biləsən. Əlbəttə, biz başqa Amerika şirkətləri ilə müqayisədə dördüncü siniflə üzənlərin səyahətini mümkün qədər rahat etməyə daha artıq çalışırıq, lakin təəssüf ki, belə reysi hələ tam ləzzətə çevirə bilməmişik.
– Bu mənə bir ziyan vurmayıb, – Karl dedi.
– Bu ona bir ziyan vurmayıb! – Senator təkrar edib, ucadan güldü.
– Sadəcə qorxuram ki, çamadanımı itirmiş olum… – Bu yerdə Karl baş vermişlərin və edilməli olanların hamısını xatırlayıb ətrafına baxdı: təəccüb və ehtiramdan karıxmış iştirakçılar baxışlarını ona dikərək, donub qaldılar. Təkcə liman məmurlarının üzündə – ümumiyyətlə onların sərt özündənrazılıq maskalarının altına baxmaq olurdusa – təəssüf oxunurdu: yəni, buraya belə bivaxt gəlmək gərək bizim bəxtimizə düşəydi! Deyəsən masanın üstündə qarşılarına qoyduqları cib saatları onlar üçün dəftərxanada baş verən və baş verə biləcəklərin hamısından daha vacib idi.
Təəccüblü də olsa, kapitandan sonra öz sevincini birinci ocaqçı bildirdi.
– Sizi ürəkdən təbrik edirəm, – dedi və Karlın əlini sıxdı. Bu hərəkətində minnətdarlığa bənzər bir şey sezildi. O, oxşar nitqlə senatora müraciət etmək istəyəndə, senator geri çəkildi və bu hərəkəti ilə ocaqçıya anlatdı ki, o, icazə verilənin həddini aşır; ocaqçı o dəqiqə öz məramından imtina etdi.
Qalanları nə etmək lazım gəldiyini axır ki, anladılar və Karlla senatorun ətrafında mərəkə başladı. Belə alındı ki, Karl hətta Şubalın da təbriklərini minnətdarlıqla qəbul etdi. Yenidən bərpa olunmuş sakitliyin içində sonuncu yaxınlaşan liman məmurları ingilis dilində bir-iki söz dedilər ki, bu da məzəli təəssürat yaratdı.
Senator sevinci tam dadmaq fikrində idi, ona görə də kiçik təfsilatları belə özünün və otaqda olanların hafizəsində möhkəmlətməyə çalışırdı, onlar da buna nəinki səbirlə, həm də maraqla yanaşırdılar. O bildirdi ki, hər ehtimala qarşı Karlın mətbəx xidmətçisinin məktubunda göstərilən xüsusi əlamətlərini öz qeyd dəftərçəsinə yazıbmış. Ocaqçının mənasız naqqallığı zamanı, bir qədər fikrini dağıtmaq və əylənmək xətrinə qeyd dəftərçəsini çıxarıb, Karlın zahiri görünüşünü, xidmətçinin əlbəttə ki, detektiv dəqiqliyindən uzaq olan təsviri ilə müqayisə etməyə çalışıb.
– Bacıoğluları bax belə tapırlar! – Senator bu sözləri elə bəyan etdi ki, sanki təbrikləri yenidən eşitməyə ümid edirmiş.
– Bəs ocaqçının işi necə olacaq? – Karl dayısının sonuncu sözlərini qulaqardına vurub soruşdu. O hesab edirdi ki, yeni vəziyyətində istədiyini söyləyə bilər.
– Ocaqçı layiq olduğunu və cənab kapitanın lazım bildiyini alacaq, – senator dedi. – Hesab edirəm ki, ocaqçı ilə boğaza qədər toxuq; bu məsələdə buradakıların hamısının mənimlə razılaşacağına şübhəm yoxdur.
– Amma məsələ bunda deyil, söhbət ədalətdən gedir, – Karl etirazını bildirdi. O, dayısı ilə kapitanın arasında dayanmışdı və buna görə də fərz edirdi ki, məsələnin həll onların əlindədir.
Ocaqçı isə deyəsən daha heç nəyə ümid etmirdi. O, barmaqlarını kəskin hərəkətlərindən güllü köynəyinin altından çıxdığı şalvarının qayışına keçirmişdi. Bu, onu heç narahat etmirdi; o, bütün bədbəxtliklərini ağlayıb qurtarmışdı – qoy sonda onun cır-cındırına da baxsınlar – onsuz da qapıdan bayıra çıxaracaqlar. Fikirləşdi ki, bu son «hörməti» ona rütbələri ən aşağı olan stüard və Şubal göstərəcəklər. Onda Şubal sakitləşəcək və bir də ümidsizliyə qapılmayacaq. Kapitan büsbütün rumınlardan ibarət komanda yığacaq, hər yerdə rumınca danışılacaq və onda, ola bilsin ki, hər şey doğrudan da qaydasına düşəcək. Ocaqçılar daha mühasibatlıqda naqqallıq etməyəcəklər; minnətdar yaddaşlarda ancaq onun bugünkü boşboğazlığı qalacaq, çünki cənab senatorun indicə bəyan etdiyi kimi, dolayısı ilə, bacıoğlusu ilə görüşməyə səbəb olub.
Yeri gəlmişkən, bu bacıoğlu bu gün bir neçə dəfə ona faydalı olmağa cəhd göstərib, ona görə də hesab etmək olar ki, göstərilmiş təsadüfi xidmətə – dayısıyla tanışlığa görə ona minnətdarlığını kifayət qədər bildirib; Karldan daha nəsə tələb etmək ocaqçının heç ağlına da gəlmirdi. Hərçənd o da, hələ ki, kapitan ola bilməyib, senatorun bacısı oğlu olmaq istərdi, lakin sonda yəqin elə kapitanın ağzından acıqlı sözlər eşidəcəkdi. Ocaqçı, öz məramına uyğun olaraq, Karla baxmamağa çalışırdı, lakin təəssüf ki, bu otaqda onun gözlərini sevindirəcək başqa bir şey qalmamışdı.
– Vəziyyəti səhv başa düşmə, – senator Karla dedi, – əlbəttə söhbət ədalətdən, amma eyni zamanda da intizamdan gedir. Hər ikisi, xüsusən də axırıncısı, cənab kapitanın sərəncamındadır.
– Elədir ki, var, – ocaqçı donquldandı. Buna diqqət verib onun sözlərini eşidənlər təəccüblə gülümsədilər.
– Yaxşı, biz onsuz da cənab kapitanın Nyu-Yorkda olmadığı müddətdə yığılıb qalaqlanmış işlərinə mane olduq və artıq gəmini tərk etməliyik, yoxsa allah eləməmiş kimi, bizim üzümüzdən, bu iki maşinistin mənasız mübahisəsi böyük qalmaqala çevrilə bilər. Hərçənd ki, əziz bacıoğlum, mən az-çox sənin niyyətini anlayıram və məhz bu mənə səni buradan tez aparmaq hüququ verir.
– Mən bu dəqiqə sizin üçün qayıq endirmələrini əmr edərəm, – kapitan dedi və Karl dayısının, öz şəxsiyyətini kiçiltmək kimi qəbul edilə biləcək bəyanatına kapitanın bir sözlə də olsa etiraz etmədiyinə təəccübləndi.
Baş kassir cəld masaya tərəf atıldı və telefonla kapitanın əmrini bosmana çatdırdı.
«Vaxt gözləmir, – Karl düşündü, – lakin mən heç kimin xətrinə dəymədən bir şey edə bilmirəm. Məni bu qədər çətinliklə tapmış dayımı tərk edə də bilmərəm. Düzdür, kapitan nəzakətlidir, lakin intizama gələndə bu xasiyyəti bitir və dayım, şübhəsiz ki, onun gizli fikirlərini dilinə gətirmişdi. Şuballa isə heç danışmaq da istəmirəm və ona əl verdiyimə də təəssüf edirəm. Burdakıların qalanı isə sadəcə tör-töküntüdür.
Bu fikirlərlə o, asta-asta ocaqçıya yaxınlaşdı, onun sağ əlini kəmərin altından çıxartdı və yüngülcə sıxdı.
– Sən niyə heç nə demirsən? – soruşdu. – Niyə bütün bunlara dözürsən?
Ocaqçı uyğun sözləri seçirmiş kimi sadəcə alnını qırışdırdı. O, gözünü çəkmədən Karla və onun əlinə baxırdı.
– Sənə haqsızlıq edilib, gəmidə heç kimə edilmədiyi qədər, mən bunu dəqiq bilirəm. – Karl barmağı ilə ocaqçının əlini tərpətdi, o isə işıq saçan nəzərləri ilə ətrafa baxdı, sanki üzərinə, heç kimin ondan ala bilməyəcəyi xoşbəxtlik enmişdi.
– Sən özünün uğrunda mübarizə etməlisən, razılaşmalı ya da inkar etməlisən, yoxsa bu adamlar həqiqəti bilməyəcəklər. Sən mənə söz verməlisən ki, məsləhətimə qulaq asacaqsan, çünki sənə bir daha kömək edə bilməyəcəyimdən qorxmağa ciddi səbəblərim var. – Bu yerdə Karl ocaqçının ovcunu öpərək ağladı; o, kələ-kötür, indi taqətsiz olan bu əli götürüb, vidalaşmalı olduğu xəzinə kimi öz yanağına sıxdı. Lakin bu zaman senator dayısı yanında peyda oldu və onu, yumşaq, lakin təkidlə kənara çəkdi.
– Bu ocaqçı sanki səni ovsunlayıb, – dayısı dedi və Karlın başının üstündən səmimiyyətlə kapitana baxdı. – Sən ona rast gələndə özünü tənha hiss edirdin, indi isə ona minnətdarsan ki, bu da təqdirə layiqdir. Lakin, heç olmasa mənim xətrimə, çox dərinə getmə və özünün indiki mövqeni nəzərə al.
Qapının arxasından səs-küy eşidildi, belə təəssürat yarandı ki, kimisə kobud şəkildə qapının üstünə itələdilər. Qadın önlüyü bağlamış, əməlli başlı çaş-baş qalmış matros içəri daxil oldu.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/franc-kafka/amerika-itkin-dusmus-68386309/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Təyyarələrdə sərnişinlərə xidmət göstərən və onların təhlükəsizliyinə nəzarət edən şəxs (kişi cinsi)
Amerika. İtkin düşmüş Франц Кафка
Amerika. İtkin düşmüş

Франц Кафка

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Amerika. İtkin düşmüş, электронная книга автора Франц Кафка на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв