Fiesta
Ernest Miller Heminquey
Ernest Heminqueyin “Fiesta” ("Günəş doğur") romanı “itirilmiş nəsil” adlandırılanlardan bəhs edir. Romanın Birinci Dünya Müharibəsində fiziki və mənəvi işgəncələrə məruz qalan qəhrəmanları acı xatirələrdən uzaqlaşmağa çalışırlar. Onların hər biri bədbəxtdir: həyatda dayaq axtarırlar, amma tapa bilmirlər. Onların təlaşı, yeni təcrübələrə susuzluğu və səmimi ünsiyyətə olan aclığı buradan qaynaqlanır. Onlar fədakardırlar, sevgi və dostluğun, fiesta və təbiətlə ünsiyyətin bəxş etdiyi nadir dəqiqələrdə özlərini yenidən dünyaya gəlmiş kimi hiss etməyi bacarırlar.
Ernest Heminquey
Fiesta (roman)
Fiesta romanı ilə yazıçı Pamplon şəhərinə əvəzolunmaz xidmət göstərib. Məhz buna görə şəhər sakinləri onu sevir və böyük rəğbətin nəticəsi olaraq ATA adlandırıb, abidə ucaldıblar.
BİRİNCİ HİSSƏ
1
Robert Kon bir dəfə Prinston universitetinin orta çəki dərəcəsində boks üzrə çempionu olmuşdu. Bu tituldan ötrü ürəyim getməsə də, bunun Kon üçün əhəmiyyəti böyük idi. Əslində, o boksla maraqlanmırdı, heç xoşu da gəlmirdi, boks onun üçün sadəcə yəhudi olduğuna görə Prinstonda üzləşdiyi natamamlıq və cəsarətsizlik hissinə qarşı əzab-əziyyətlə əldə edilmiş bir qalxan idi. O, zaldan başqa heç yerdə dalaşmayan utancaq mülayim bir oğlan olsa da, ona yuxarıdan aşağı baxanları bir zərbə ilə yerə sərəcəyi fikri inanılmaz daxili rahatlıq bəxş edirdi. O, Hörümçək Kellinin ulduz tələbəsi idi. Hörümçək Kelli bütün gənc boksçulara çəkilərinin yüz beş, ya da iki yüz beş funt olmasından asılı olmayaraq yüngül çəkili kimi vuruşmağı öyrətmişdi. Deyəsən, Konun ürəyindən keçən də, elə bu idi. O, həqiqətən çox cəld idi. Çox yaxşı tələbə olduğundan, Hörümçək onu dərhal oyuna buraxdı və bununla da onun burnu həmişəlik yastılandı. Bu, Konu boksdan daha da iyrəndirsə də, qəribə bir razılıq bəxş edərək burnunun formasını yaxşılaşdırdığı tam dəqiqdir. Prinstonda oxuduğu sonuncu ildə daha çox oxumağa başlayan Kon, axırda eynək taxmalı oldu. Mən hələ heç vaxt köhnə qrup yoldaşlarından onu xatırlayan birinə rast gəlməmişəm. Onlar heç onun orta çəki üzrə çempion olduğunu da xatırlamırdılar.
Mən heç vaxt sadə, səmimi insanlara inanmamışam, xüsusilə də onların hekayələri üst-üstə düşürsə, elə buna görə də bu əhvalatı təsdiqləyəcəq bir adam- Hörümçək Kelli olmasaydı, Robert Konun heç vaxt çempion olmadığını, onun üzünü ya at təpiklədiyini, ya da anasının nəsə görüb ya nədənsə bərk qorxduğunu, bəlkə də uşaq vaxtı harasa dəydiyindən şübhələnərdim. Hörümçək Kelli təkcə Konu xatırlamaqla kifayətlənmir, tez-tez onun sonrakı aqibətinin necə olduğunu duşunürdü.
Robert Kon, atası tərəfdən, Nyu-Yorkun ən varlı, anası tərəfdən isə ən qocaman yəhudi ailələrinin üzvü idi. Prinstona hazırlaşdığı hərbi məktəbin futbol komandasında yaxşı oynayan Konun milliyyəti ilə bağlı bir problemi yaranmamışdı. Prinstona gələnə qədər heç kəs ona yəhudi olduğuna görə fərq qoymur, özlərindən seçmirdilər. Olduqca yaraşıqlı, mehriban və utancaq olması ona həmişə baha başa gələrdi. Ancaq o bütün bunları rinqdə qoymağı bacardı və Prinstonu yalnız hədsiz utancaqlıq və yastı burunla tərk edib, ona bir az şəfqət göstərən ilk qızla ailə həyatı qurdu. Beş illik evlilikdən üç uşağı olan Kon, atasından miras qalan pulun əlli min dollarından çoxunu xərcləyəndən sonra, var-dövlətin qalan hissəsinin anasına keçməsi ilə varlı arvadla yaşanan ailədaxili bədbəxtliyin daha da dərinləşməsi onu həyat yoldaşı ilə yollarını ayıracağı qərarına gətirib çıxarsa da, bu zaman qadın artıq çoxdan öz miniatürçü sevgilisi ilə aradan çıxmışdı. Aylardır ondan ayrılmaq istəyən, ancaq bunun insafsızlıq olacağını düşünüb heç nə edə bilməyən bir kişi üçün arvadının qəfil gedişi şəfaverici zərbə oldu.
Boşandıqdan sonra Robert Kon başını götürüb qərbə üz tutdu. Kaliforniyada ədəbi mühitə düşən Kon, tezliklə əlli min puldan qalan qəpik-quruşla rəssamlıq jurnalını maliyyələşdirməyə başladı. Jurnal Karmel, Kaliforniyada nəşrlərə başlayıb, Provinstaun və Massaçusetsdə başa çatdı. Bununla da, bir anda xilasedici mələyə çevrilən, redaksiya səhifələrində adı ancaq redaksiya heyətinin üzvü kimi göstərilən Kon jurnalın yeganə redaktoru oldu. Bu, onun pulları idi və yeni vəzifəsindən də razı idi. Ancaq jurnal nəşrinin həddindən artıq bahalaşması ilə məyus olan Kon, çox keçmədi ki, bu işin daşını atmağa məcbur oldu.
Lakin bu vaxt onu narahat edən başqa məsələlər də var idi. O, jurnalın hesabına uğur qazanacağına ümid edən bir qadının toruna düşmüşdü. O, çox güclü qadın olduğundan, Kon canını onun yaxasından qurtara bilmirdi. Həm də Kon, bu qadını sevdiyinə əmin idi. Jurnalın uğur qazanmadığını görərək Kondan soyumağa başlayan qadın, istədiyini əldə etmək üçün daha bir yolun olduğunu düşünüb, onu daha yaxşı yazacağı bir yerə – Avropaya getməyə məcbur etdi. Beləliklə, onlar qadının təhsil aldığı, üç il yaşadığı Avropaya gəldilər. İlk ili səyahətdə, son iki il isə Parisdə keçmişdi. Robert Konun cəmi iki dostu var idi. Onun biri Bradoks, biri isə mən idim. Bradoks onun ədib yoldaşlarından, mən isə tennis dostu idim.
Onu ələ keçirmiş Frensiz adlı qadın, ikinci ilin sonunda gözəlliyinin solduğunu görüb Robertə qarşı laqeydliyi və sui-istifadəni bir kənara qoyub, ona ərə getməyi qəti qərara aldı. Bu vaxt isə Robertin anası hər ay oğluna üç yüz dollar göndərməyə başlamışdı. Bu iki il, iki il yarım müddətində inanmıram ki, Robert Kon başqa bir qadına tərəf baxmışdı. Onun Avropada yaşayan bir çox insan kimi, Amerikada daha yaxşı yazıb-yarada biləcəyini nəzərə almasaq, o, həqiqətən xoşbəxt idi. O, çox zəif bir roman yazsa da, tənqidçilərin rəyi o qədər də pis olmadı. O, çoxlu kitablar oxuyur, qumar, tennis oynayır və yerli idman zallarının birində boksla məşğul olurdu.
Bu qadının Kona qarşı niyyətindən ilk dəfə üçümüz birgə nahar edəndə xəbər tutdum. Biz Lavenyuda nahar etdikdən sonra, kofe içmək üçün Versal kafesinə getdik. Kofedən sonra bir-iki qədəh içdikdən sonra, onlara getməli olduğumu söylədim. Kon isə həftəsonu ikimizin səyahətə çıxmağımız barədə nəsə danışırdı. Onun ürəyindən şəhərdən çıxmaq, yaxşıca gəzmək keçirdi. Mən Strasburqa getməyi, oradan isə piyada Sent Odil, Elzas ya da, başqa bir yerə keçməyi təklif etdim.
– Mən Strasburqda bizə bələdçilik edəcək bir qız tanıyıram, – dedim.
Elə bu zaman stolun altından gələn naməlum zərbəni hiss etdim. Təsadüfən kiminsə dəydiyini fikirləşib, sözümə davam etdim:
– O, artıq iki ildir orada yaşayır və şəhəri beş barmağı kimi tanıyır. Çox yaxşı qızdır.
Yenə kimsə məni dümsüklədi və mən başımı qaldıranda Robertin rəfiqəsi Frensizin gərilmiş buxağını, gərilmiş sifətini gördüm.
– Strasburqda nə işimiz var axı ?! Biz Bruqesə, ya da Ardenə gedə bilərik.
Konun rəngi özünə gəldi. Bundan sonra heç kim məni dümsükləmədi. Onlarla sağollaşıb, oradan uzaqlaşdım. Kon qəzet almaq bəhanəsiylə məni küncə çəkdi.
– Allah xatirinə, sən niyə axı Frensizin yanında Strasburqdakı qızdan söz açdın, – o dedi.
– Mənə nə Frensizdən? Əgər mən Strasburqda yaşayan amerikalı bir qız tanıyıramsa, bundan Frensizə nə?
– Fərqi yoxdur, hansı qız. Qız söhbəti varsa demək, mən gedə bilməyəcəm.
– Bu nə axmaqlıqdır axı.
– Sən Frensizi yaxşı tanımırsan. Heç bir qız söhbəti ola bilməz. Olmaya, onun baxışlarını görmədin ?
– Yaxşı, yaxşı – mən dedim, – onda gəl, Sanlisə gedək.
– Əsəbləşmə.
– Əsəbləşmirəm. Sanlis yaxşı yerdir, biz "Böyük Maral" mehmanxanasında gecələyər, sonra meşəyə ekskursiyaya çıxıb, geri qayıdarıq.
– Bax, bu, ağlabatan fikrə oxşayır.
– Sabah meydançada görüşərik, – dedim.
– Gecən xeyrə, Ceyk, – o dedi və kafeyə qayıtdı.
– Qəzet almaq yadından çıxdı, – mən dedim.
– Lap yadımdan çıxmışdı. O, mənimlə küncdəki köşkə yaxınlaşdı.
– Ceyk, düzünü de, əsəbləşmədin ki? – o, əlində qəzet mənə tərəf döndü.
– Yox, niyə, əsəbləşməliyəm axı?
– Onda tennis meydançasında görüşərik, – o dedi. Mən onun arxasınca əlində qəzet kafeyə qayıtmasına baxdım. O, mənim xoşuma gəlirdi, ancaq görünür, bu qadın ona həyatı əməlli-başlı zindan etmişdi.
2
Həmin qış romanını da qoltuğuna vurub Amerikaya yollanan Robert Konun kitabı yaxşı bir nəşriyyat tərəfindən qəbul olundu. Ancaq eşitdiyim qədəriylə onun gedişi əməlli-başlı səs-küyə səbəb oldu, bu həm də Frensizin onu itirəcəyinin başlanğıcı oldu, çünki Nyu-Yorkda qadınlar tərəfindən yetərincə qayğı görən Kon artıq qayıdanda tamamilə dəyişmişdi. İndiyə qədər görünməmiş bir şövqlə Amerikaya can atan Robert artıq əvvəlki kimi sadəlövh və utancaq deyildi. Naşirlərin ona yağdırdığı təriflər deyəsən, ağlına yaman batmışdı. Bundan başqa, bir neçə qadının onun xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxması isə Konun oxunu yaydan çıxarmışdı. Bu ox dörd il boyunca yalnız həyat yoldaşına tərəf tuşlanmışdı. Hardasa üç ildən artıq müddətdə isə o, Frensizdən başqa heç bir qadına gözünün ucu ilə də baxmamışdı. Əminəm ki, o heç bir dəfə də olsun sevməmişdi.
Frensiz universitetdə keçirdiyi ağrılı illərdən yadigar qalan ümidsizlikdən evlənmiş Konu, keçmiş arvadı üçün əslində bir heç olduğunu başa düşəndə ələ keçirmişdi. O, hələ böyük sevgini tapmasa da, qadınları özünə cəlb etməsini, eləcə də əks cinsin ona qayğı göstərib, onunla yaşamaq istəyini heç də sadəcə ilahi möcüzə kimi qavramırdı. Və bu hiss onun ətrafdakılara qarşı münasibətini dəyişdi. Bundan başqa, onun yüksək girov müqabilində, Nyu-Yorkdan olan tanışlarla qumarda işlətdiyi hiylələr ona yüzlərlə dollar qazandırırdı. Qumardakı uğurları onun lovğalığını daha da artırır və o, artıq insanın lazım gələrsə, qumarla özünə yaxşı güzəran yarada biləcəyi haqqında fikirlər söyləyirdi.
Hələ bu hamısı deyil. O, U. H. Hudsonu oxumağa başladı. Düzdür, ilk baxışda bu adi məşğuliyyət kimi görünsə də Kon, "Bənövşəyi Ölkə" əsərini dəfələrlə oxuyurdu. Ancaq "Bənövşəyi Ölkə" çox gec yaşda oxunarsa, ölümcül kitabdır. Bu kitabdan həyat bələdçisi kimi otuz dörd yaşında istifadə etmək, elə bu yaşda da fransız monastr məktəbindən "çəkmə siləndən milyonçuya qədər" silsiləsindən olan kitabçalarla silahlanıb Uoll Stritə gəlmək kimi mənasızdır. Mən əmin idim ki, Kon "Bənövşəyi Ölkə"nin hər kəlməsini R. Q. Danın bəyanatı kimi qəbul edirdi. O, bəzi düzəlişlər etsə də, bütövlükdə kitabı ciddi qəbul edirdi. Sən demə Kon bu kitaba bənd imiş. Kitabın ona nə qədər təsir etdiyini mənim ofisimə gələn zaman başa düşdüm.
– Salam, Robert, – mən dedim. Olmaya, könlümü almağa gəlmisən?
– Ceyk, Cənubi Amerikaya getmək istəməzsən?– o soruşdu.
– Yox.
– Niyə yox?
– Nə bilim, bu heç vaxt ürəyimdən keçməyib. Çox baha çıxır. Həm, Parisdə istədiyin qədər Cənubi amerikalı tapa bilərsən.
– Onlar əsl Cənubi amerikalılar deyil.
– Səni deyə bilmərəm, mənə yetərincə təbii görünürlər.
Bu həftə üçün təcili göndərməli olduğum məktubların hələ yarısını yazmışdım.
– Təzə nə xəbər? – mən soruşdum.
– Heç nə.
– Nə əcəb sizin yüksək təbəqəyə məxsus dostlarınızdan kimsə boşanmağa hazırlaşmır?
– Xəbərim yoxdur; Ceyk, qulaq as, əgər, bütün xərci mən çəksəm onda necə, mənimlə Cənubi Amerikaya gedərsən?
– Niyə məhz mənlə?
– Çünki sən ispanca danışa bilirsən. Həm də, ikimiz daha yaxşı əylənərik.
– Yox, – mən dedim, – bu şəhərdə mənə xoşdur. İspaniyaya isə yayda gedəcəm.
– Bütün ömrüm boyu mən belə bir səyahətə çıxmağı xəyal etmişəm, – Kon dedi. O əyləşdi. – Sonra, çox gec ola bilər.
– Axmaq olma, – mən dedim. – İstədiyin yerə gedə bilərsən. Xəzəl qədər pulun var.
– Bilirəm, ancaq haradan başlayacağımı bilmirəm.
– Kefini pozma, – mən dedim, – onsuz da bütün ölkələr hərəkətli şəkillərə bənzəyir.
Ancaq mənim ona yazığım gəlirdi. Zarafatım onun xətrinə dəymişdi.
– Sürətlə axıb gedən bu həyatda ürəyim istəyən kimi yaşaya bilmədiyimi fikirləşəndə, dəli oluram.
– Onsuz da, matadorlardan başqa heç kəs bu həyatı dolğun yaşamır.
– Matadorlar məni maraqlandırmır. Bu, anormal həyat tərzidir. Mən Cənubi Amerikaya getmək istəyirəm. Biz əla səyahət edə bilərik.
– Bəs, ov üçün Britaniya Şərqi Afrikasına necə, getmək istəyərsən?
– Yox, mənlik deyil.
– Mən olsam gedərdim səninlə.
– Yox, ora məni cəlb etmir.
– Çünki sən bu barədə heç nə oxumamısan. Get, bir az da gündə bərq vuran qara şahzadələrin eşq macəralarından oxu.
– Mən Cənubi Amerikaya getmək istəyirəm.
Onun çox tərs yəhudi damarı var idi.
– Gəl, düşək aşağı bir şey içək.
– Bəs sən işləmirdin?
– Yox, – mən dedim. Biz birinci mərtəbədəki kafeyə düşdük. Çoxdandır, mən buranın dostlardan yaxa qurtarmaq üçün ən yaxşı yer olduğunu kəşf etmişəm. Bir qurtum içəndən sonra isə bir söz yetər: "Bilirsiniz, mən təcili gedib, teleqram göndərməliyəm", vəssəlam. Etikanın çox vacib olduğu qəzet işində də bu cür nəzakət qaydalarına əməl etmək yaxşı olardı. Sonra, biz bara düşüb sodalı viski içdik. Kon divardakı içki yeşiklərinə göz gəzdirirdi.
– Bura yaxşı yerdir, – o dedi.
– Həm də çoxlu içki var, – mən təsdiqlədim.
– Qulaq as, Ceyk, – o, bara doğru əyildi. – Sən nə vaxtsa həyatın axıb getdiyini, sənin isə bu həyatdan heç bir xeyir götürmədiyini hiss etmisən? Başa düşürsən ki, artıq ömrü yarı etmisən?
– Hə, arada olur.
– Təsəvvür edirsən ki, hardasa otuz beş ildən sonra öləcəyik?
–Vecimə də deyil, Robert, – mən dedim. Bəsdir, çərənlədin.
– Ciddi sözümdür.
– Bu yeganə şeydir ki, məni narahat etmir, – mən dedim.
– Çox nahaq.
– Mənim başqa işlərə görə narahatam. Bu qədər kifayətdir.
– Amma mən hələ də Cənubi Amerikaya getmək istəyirəm.
– Qulaq as, Robert, başqa ölkəyə getmək heç nəyi dəyişmir. Mən bunu artıq sınamışam. Sən bir yerdən başqa yerə getməklə, özündən qaça bilməzsən. Bunun heç bir mənası yoxdur.
– Amma sən heç vaxt Cənubi Amerikada olmamısan.
– Lənətə gəlsin, Cənubi Amerikanı! Sən ora bu əhvalla getsən inan ki, heç nə dəyişməyəcək. Bura yaxşı şəhərdir. Niyə axı, istədiyin həyata Parisdə başlamaq istəmirsən?
– Parisdən bezmişəm. Elə Latın məhəlləsindən də.
– Onda ora getmə. Özün üçün fırlan, gör başına nə gəlir.
– Heç nə olmayacaq. Yadımdadır, bir dəfə bütün gecəni tək-tənha dolaşdım, ancaq velosipedli polisin məni saxlayıb sənədlərimi soruşmasından savayı heç nə baş vermədi.
– Məgər, şəhər gecə gözəl görünmür?
– Mən Parisi sevmirəm.
Hərlənib-fırlanıb, yenə eyni yerə gəldik. Ona görə məyus olsam da, əlimdən heç nə gəlmirdi, çünki dediyindən dönmək fikri yox idi: Cənubi Amerika onun dərdinin dərmanıdır və Parisi görməyə gözü yoxdur. Birinci fikri o, kitabdan oxumuşdu, deyəsən, elə ikincini də.
– Yaxşı, – mən dedim, – yuxarı qalxıb teleqram göndərməliyəm.
– Getməsən olmaz?
– Yox, bu vacibdir.
– Səninlə gəlib otağın bir küncdə otursam, etiraz etməzsən?
– Əlbəttə, o nə sözdür, buyur.
O, bayır otaqda əyləşib qəzet və "Redaktor və Naşir" jurnalını oxudu, mən isə iki saat boyunca dayanmadan işlədim. Sonra ayrılmış əlyazmaları ştamplayıb, iç-içə böyük zərfə qoyaraq, Sen-Lazar vağzalına aparılması üçün kuryerə zəng vurdum. O biri otağa keçəndə Robert Kon buradakı böyük stulda əyləşib mürgüləyirdi. O, başını qollarına söykəyib yuxulamışdı. Onu oyatmağa ürəyim gəlməsə də, redaksiyanı bağlayıb getmək istəyirdim. Əlimi onun çiyninə qoydum. O, başını silkələdi.
– Yox, mən bunu edə bilmərəm, – o dedi və başını qollarının arasında daha da gizlətdi. – Edə bilmərəm. Heç nə məni buna məcbur edə bilməz.
– Robert, – mən onu çağırıb çiynini silkələdim. O, başını qaldırıb, gülümsədi və göz vurdu.
– Olmaya, sayıqlayırdım?
– Deyəsən. Amma, nə dediyini eşitmədim.
– Aman Allah, belə də axmaq yuxu olar!
– Yəqin, makinanın səsi səni yuxuya aparıb.
– Ola bilər. Dünən bütün gecəni yatmamışam.
– Niyə?
– Söhbət edirdik, – o dedi.
Onların söhbətini təsəvvür edə bilirdim. Mənim dostlarımın yataq otaqlarını təsvir etmək kimi çox pis bir vərdişim var idi. Biz aperativ içmək və bulvardakı axşam gəzintisinə tamaşa etmək üçün Napoliten kafesinə yollandıq.
3
İsti bir yaz gecəsi mən, Robertonun gedişindən sonra Napolitendəki masaların birində əyləşib havanın qaralmasına, küçə lampalarının yavaş-yavaş yanmasına, işıqforun qırmızı, yaşıl işıqlarına, şütüyən insanlara, taksi tıxacının kənarı ilə atılıb-düşən faytonlara, özünə axşam yeməyi axtaran tək, ya cüt gəzişən fahişələrə tamaşa edirdim. Mən masamın yanından keçən gözəl bir qıza baxır, küçənin sonunda gözdən itənə qədər gözümü ondan çəkmir sonra, başqasına baxırdım ki, birinci qızın geri qayıtdığını gördüm. O, mənim yanımdan təkrar keçəndə baxışlarımız toqquşdu və o, masama yaxınlaşıb əyləşdi. Ofisiant dərhal bizə yaxınlaşdı.
– Nə içəcəksən?– soruşdum.
– Perno[1 - Tərkibində razyana olan spirtli içki].
– Bu, balaca qızlar üçün məsləhət deyil.
– Balaca qız özünsən. Ofisiant, bir qədəh perno.
– Mənə də perno, zəhmət olmasa.
– Nə olub? – o soruşdu. Əylənmək istəyirsən?
– Hə, bəs sən ?
– Yəqin ki. Bu şəhərdə hər şey mümkündür.
– Deyəsən Parisi sevmirsən?
– Yox.
– Bəs niyə başqa yerə getmirsən?
– Getməyə başqa yerim yoxdur.
– Demək onda burada xoşbəxtsən.
– Olmayan kimi!
Perno absinteyə bənzəyən yaşımtıl içkidir. Su əlavə edəndə süd rəngi olur. Biyan dadan bu içki, əvvəldə kefini yaxşı qaldırsa da, sonrası pis olur. Biz oturduq bir az içdik, ancaq qız yaman qaşqabaqlı görünürdü.
– Yaxşı, – mən dedim, – məni yeməyə qonaq etməyəcəksən?
O, irişdi və bu zaman onun niyə gülməkdən qaçdığı mənə aydın oldu. Çünki ağzı bağlı daha gözəl gorunürdü. Mən hesabı ödədim və biz küçəyə çıxdıq. Mən fayton saxladım və sürücü səkiyə çıxıb saxladı. Biz arxada əyləşəndən sonra, yüyənə xəfif toxunuşla vitrinləri işıqlı, qapıları bağlı mağazaların önündən, geniş, işıqlı və boş prospektdən keçib, Opera prospektinə tərəf yola düşdük. Fayton pəncərəsi saatlarla dolu olan "Nyu-York Xəbərçisi" bürosunun yanından keçdi.
– Bu saatlar nə üçündür? – o soruşdu.
– Onlar bütün Amerikanın vaxtını göstərir.
– Mənə kələk gəlmə.
Biz Rivoli küçəsinin tıxacından, Tyulirin qaranlıq darvazasından keçərək Piramida küçəsinə doğru davam etdik. O, mənə tərəf sıxıldı, mən isə qolumu ona sarıdım. O, öpüşmək istədiyi gözlərindən oxunurdu. Bir əliylə mənə toxunsa da, onun əlini geri götürdüm.
– Lazım deyil.
– Sənə nə olub? Xəstəsən?
– Hə.
– Ona qalsa, hamı xəstədir. Elə mən də xəstəyəm.
Biz Tüleri bağından keçib, işığa çıxdıq, Sena çayını keçib, Sen-Pères (Müqəddəs Atalar-tərcüməçidən) küçəsinə tərəf burulduq.
– Gərək xəstə-xəstə perno içməzdin.
– Elə sən də.
– Mənim üçün fərqi yoxdur. Bunun qadınlara heç bir təsiri yoxdur.
– Adın nədir?
– Corcet. Bəs sənin?
– Ceykob.
– Bu, flamand adıdır.
– Həm də amerikan.
– Yəqin, flamand deyilsən?
– Yox, amerikalıyam.
– Lap yaxşı, flamandları görməyə gözüm yoxdur.
Biz artıq restorana çatmışdıq. Faytonu saxlaması üçün sürücünü səslədim. Biz aşağı düşdük, ancaq bura Corcetin ürəyincə deyildi.
– Elə də gözəl restoran deyil.
– Yox, – mən dedim.
– Bəlkə Foyota gedək? Gəl, faytonu saxlayıb yolumuza davam edək.
Onu ona görə özümlə gətirmişdim ki, qəlbimin dərinliyində kiminləsə qarşılıqlı yemək yeməyin daha yaxşı olacağına ümid edirdim. Axırıncı dəfə nə vaxt fahişə ilə yemək yediyim xatırlamadığımdan, bunun necə darıxdırıcı olduğu da yadımdan çıxmışdı. Biz restorana girib, qəbul masasında oturan xanım Lavinin yanından keçib, balaca bir otağa daxil olduq. Corcetin kefi bir az düzəlmişdi.
– Bura o qədər də pis deyil, – o dedi. Çox dəbdəbəli olmasa da, yeməkləri dadlıdır.
– Lejedə yediklərindən daha yaxşıdır.
– Yəqin, Brüssel demək istədin.
Biz bir şüşə də şərab içdik və Corcet mənimlə zarafatlaşmağa başladı. O, artıq çəkinmədən gülümsəyərək bütün pis dişlərini göstərir və biz qədəhləri toqquşdururduq.
– Pis oğlana oxşamırsan, – o dedi. Amma heyif ki, xəstəsən. Yoxsa, yaxşı yola gedərdik. Bəlkə deyəsən sənə nə olub ?
– Müharibədə yaralanmışam, – mən dedim.
– Ah, bu amansız müharibə!
Yəqin ki, biz müharibə mövzusunu davam etdirib onun sivilizasiya üçün bir faciə olduğu ilə razılaşıb ondan yaxa qurtarmaq haqqında uzun-uzadı danışacaqdıq. Artıq sıxılmağa başlamışdım. Elə bu vaxt başqa otaqdan kimsə məni çağırdi:
– Barns! Ey, Barns! Ceykob Barns!
– Dostum məni çağırır, – dedim və çıxdım.
Bredoks öz dəstəsini böyük masa ətrafına toplamışdı: Kon, Frensiz Klayn, xanım Bredoks və tanımadığım bir neçə adamlar.
– Bizimlə rəqsə getmək istəyirsən? – Bradoks soruşdu.
– Hara?
– Əlbəttə ki, rəqs zalına. Yoxsa, bizim yenidən rəqsə qayıtmağımızdan xəbərsizsən? – xanım Bredoks müdaxilə etdi.
– Sən gəlməlisən, Ceyk. Hamımız gedirik, – Frensiz masanın sonundan dilləndi. O, gülümsədi.
– Əlbəttə, o gəlir, – Bredoks dedi. Gəl, bizimlə kofeyə qonaq ol, Barns.
– Yaxşı.
– Rəfiqəni də gətir, xanım Bredoks gülə-gülə dedi. Kanadalı bu qadın, onlara xas bütün nəzakət qaydalarına əməl edirdi.
– Çox sağolun, indi gəlirik, – mən dedim və balaca otağa geri qayıtdım.
– Sənin dostların kimdir? – Corcet soruşdu.
– Yazıçılar və rəssamlar.
– Çayın bu tərəfində onlardan yaman çoxdur.
– Həm də lap çox.
– Razıyam. Amma, hələ də aralarında pul qazananlar var.
– Hə, elədir.
Biz yeməyi və şərabımızı bitirdik.
– Gəl gedək, – mən dedim. Gedək, kofeni də onlarla içək.
Corcet çantasını açıb, kiçik güzgüsünə baxa-baxa üz-gözünə əl gəzdirdi, dodaq boyasını təzələdi və şlyapasını düzəltdi.
– Yaxşı, sən deyən olsun, – o dedi.
Biz Bredoks, onun yoldaşları və çoxlu adamlarla dolu olan otağa daxil olduq.
– İcazə verin, nişanlım Madmazel Corcet Leblankı sizə təqdim edim, – mən dedim. Corcet o gözəl gülüşü ilə gülümsədi və biz hamı ilə əl sıxıb tanış olduq.
– Sizin müğənni Corcet Leblankla qohumluğunuz var? – xanım Bredoks soruşdu.
– Heç tanımıram, – Corcet cavab verdi.
– Amma, adlarınız eynidir, – xanım Bredoks mehribanlıqla təkid edirdi.
– Yox, – Corcet dedi. Elə deyil. Mənim soyadım Hobindir.
– Ancaq cənab Barns sizi Madmazel Corcet Leblank kimi təqdim etdi. Öz qulaqlarımla eşitdim, – fransızca danışmağın həyəcanından düşünməyə macal tapmayan xanım Bredoks dediyindən dönmək istəmirdi.
– O, axmaqdır, – Corcet dedi.
– Ah, demək, bu, bir zarafatdır, – xanım Bredoks dedi.
– Əlbəttə, – Corcet dedi. Gülmək üçün söylədim.
– Eşidirsən, Henri? – xanım Bredoks stolun aşağısına tərəf səsləndi.
– Cənab Barns öz nişanlısını Madmazel Leblank kimi təqdim etsə də, əslində onun soyadı Hobindir.
– Əlbəttə, əzizim, Madmazel Hobin, mən onu çoxdan tanıyıram.
– Oh, Madmazel Hobin, Frensiz Klayn xanım Bredoksun lovğa və həyəcanlı fransızcasından fərqli olaraq, öz səlist və təbii fransız ləhcəsi ilə dilləndi.
– Siz çoxdandır Parisdəsiniz? Bura xoşunuza gəlir? Parisi sevirsiniz ya yox?
– Bu kimdir? – Corcet məndən soruşdu. Onunla mütləq danışmalıyam?
O əyləşib əlini əlinin üstünə qoymuş, başını dik tutub dodaqlarını danışmaq üçün büzmüş Frensizə tərəf çevrildi.
– Yox, mən Parisi sevmirəm. Bura baha və çirkli şəhərdir.
– Doğrudan? Ancaq mən buranı həddindən ziyadə təmiz hesab edirəm. Hətta, deyərdim ki, Avropanın ən təmiz şəhərlərindən biridir.
– Fikirlər müxtəlifdir.
– Çox qəribədir! Ola bilsin, bu şəhərdə yenisiniz.
– Mən kifayət qədər uzun müddətdir ki, buradayam.
– Ancaq razılaşmaq lazımdır ki, burada çoxlu yaxşı insanlar var.
Corcet mənə tərəf döndü.
– Əcəb yaxşı dostların var.
Frensiz içkili olduğundan söhbəti daha da uzatmaq marağında olsa da, Lavinin kofe və likör gətirməsi ilə söhbət yekunlaşdı və biz hamımız Bredoksun dediyi rəqs klubuna yollandıq.
Rəqs Müqəddəs Montan Ceneve küçəsində yerləşən "Bal Muzet"də keçirilirdi. Həftənin beş günü Panteon məhəlləsinin işgüzar camaatı burada rəqs edirdi. Həftədə bir gün isə bura rəqs klubuna çevrilirdi. Bazar ertəsi isə bura bağlı olur. Biz çatanda qapının ağzında oturan polisdən, bir də barın arxasındakı sahibkarın həyat yoldaşı ilə barın sahibindən başqa demək olar ki, heç kəs yox idi. Biz içəri girəndə buranın sahibinin qızı pilləkənlərdən aşağı endi. Burada uzun skamyalar, otaq boyunca düzülmüş stollar və sonda rəqs döşəməsi var idi.
– Kaş adamlar bir az tez gələrdi, – xanım Bredoks dedi.
Bar sahibinin qızı nə içəcəyimizi öyrənmək üçün bizə yaxınlaşdı. Sahibkar rəqs döşəməsinin yanındakı hündür kətildə əyləşib, akkordeonda ifa etməyə başladı. Onun topuğundakı zınqırovlu xalxal hər dəfə ifa etdikcə səs çıxarırdı. Hər kəs rəqs edirdi. Çox isti olduğundan, biz tər içində döşəmədən uzaqlaşdıq.
– Aman Tanrım, – Corcet dedi. Tamam su içindəyəm.
– Hə, yaman istidir.
– Həm də necə!
– Şlyapanı çıxart.
– Heç bu ağlıma gəlmir.
Kimsə Corceti rəqsə dəvət etdi və mən bara yaxınlaşdım. Belə isti gecədə akkordionun səsi insana xoş təsir edirdi. Mən qapının kandarında dayanıb, küçədən gələn küləyin sərin nəfəsini içimə çəkə-çəkə pivə içdim. Elə bu vaxt iki taksi sıldırım küçədən aşağı endi. Hər iki taksi rəqs zalının qarşısında saxladı. Maşından bəzisi köynəkdə, bəzisi jaketdə olan bir dəstə gənc aşağı düşdü. Mən qapıdan düşən işıqdan yalnız onların əllərini və təzəcə yuyulmuş dalğalı saçlarını görə bilirdim. Qapının ağzında dayanan polis mənə baxdı və gülümsədi. Onlar içəri daxil oldular. Onlar deyib gülə-gülə içəri girəndə işığın altında ağ əllərini, ağ sifətlərini, dalğalı saçlarını daha aydın gördüm. Bret də onlarla idi. O, çox qəşəng görünürdü və oğlanlarla çox mehriban idi.
Onlardan biri Corceti göstərib dedi:
– Özüdür ki var! Əsl fahişədir. Mən onunla rəqs edəcəm, Lett. Bizə tamaşa edərsən.
Lett adlı qaraşın hündür olan oğlan dedi:
– Özünü ələ al.
Qıvrımsaçlı sarışın cavab verdi:
– Narahat olma, əzizim. Bret isə hələ də onlarla idi.
Mən çox hirslənmişdim. Həmişə onlar necəsə məni əsəbləşdirməyi bacarırdılar. Bilirəm onlar əylənmək istəyirlər və mən dözümlü olmalıyam, ancaq onların ağzının payını vermək üçün istənilən adamın üstünə atılmağa hazır idim. Bunun əvəzində isə mən küçəni aşağı düşüb, zalın yanındakı barda pivə içdim. Pivə yaxşı olmadığından onun dadını qaçırmaq üçün ondan daha pis dadan konyak içdim. Zala geri qayıdanda döşəmə rəqs edənlərlə dolu idi və Corcet, oyanarkən boynunu əyən, gözlərini qaldıran, iri yanlarını silkələnən hündürboy sarışınla rəqs edirdi. Musiqi dayananda isə dəstədən başqa biri onu rəqsə dəvət etdi. Qız onların çevrəsinə düşmüşdü. Mən başa düşdüm ki, onların hamısı bir-bir onunla rəqs etməsə əl çəkməyəcəklər. Onlar həmişə belə edirdilər.
Mən bizim masaya yaxınlaşdım. Kon da qonaqların arasında idi. Frensiz isə rəqs edirdi. Xanım Bredoks kimisə özü ilə gətirib bizə Robert Prentis kimi təqdim etdi. O, əslən Çikaqodan olan, Nyu-Yorkda yaşayan yeni roman yazarlarından idi. Onun qəribə ingilis ləhcəsi var idi. Mən ona içki təklif etdim.
– Çox sağolun, – o dedi. İndicə içmişəm.
– Birini də için.
– Çox sağolun, bir azdan içərəm.
Biz qızı çağırdıq və hər birimiz su ilə konyak sifariş etdik.
– Eşitdim, siz Kansazdansınız? – o dedi.
– Bəli.
– Paris necə, ürəyinizcədir?
– Bəli.
– Doğrudan?
Mən bir az içkili idim. Elə çox içməsəm də, bu mənə laqeyd olmağa bəs edirdi.
– Bəli, doğrudan. Tanrı xatirinə, dedim ki, ürəyimcədir. Sizin yox? – mən soruşdum.
– Siz necə gözəl əsəbləşirsiniz, – o dedi. Kaş mənim də belə istedadım olardı.
Mən ayağa durub rəqs döşəməsinə tərəf getdim. Xanım Bredoks məni müşayiət edirdi.
– Robertlə höcətləşmə, – o dedi. Bilirsən ki, o hələ də uşaqdır.
– Mən heç nə etmədim, – dedim. Sadəcə məni qovacağından qorxdum.
– Nişanlının yaman bəxti gətirib, – xanım Bredoks döşəmədə Let adlı qara, hündür oğlanın qolları arasında rəqs edən Corcetə baxaraq dedi.
– Elə deyil ki? – mən dedim.
– Sözsüz, – xanım Bredoks cavab verdi.
Kon bizə yaxınlaşdı.
– Gəl, Ceyk, – o dedi, gəl gedək içək.
Biz bara yaxınlaşdıq.
– Sənə nə olub? Yaman pis görünürsən.
– Heç nə. Sadəcə bu tamaşa mənə pis təsir edir, vəssalam.
Bu zaman Bret də bara yaxınlaşdı.
– Hello, dostlar!
– Salam Bret, – mən dedim. Nə əcəb sərxoş deyilsən?
– Artıq içməyi tərgitmişəm. Dostlara konyak və soda verin.
O, əlində stəkan dayananda Konun ona baxdığını gördüm. O elə baxırdı ki, sanki həmyerlisi vəd edilmiş torpağa baxır. Əlbəttə, Kon daha cavan idi. Ancaq o, ümidə layiq bir həvəslə ona baxırdı.
Bret çox gözəl idi. O, hörmə jaket, tvid yubka geyinmiş, saçını oğlan kimi arxaya daramışdı. Bununla da hər şey başladı. Lakin, əynindəki yun sviter belə onun yarış yaxtasının korpusuna bənzəyən donqarını gizlətmirdi.
– Əla dostların var, Bret, – mən dedim.
– Çox istiqanlıdırlar, elə deyil? Özünə bir bax, əzizim! Onu haradan tapmısan?
– Napoliten kafesindən.
– Yaxşı vaxt keçirə bildiniz?
– Ah, misilsiz, – mən dedim.
Bret güldü.
– Səhvin var, Ceyk, bu heç yaxşı hərəkət deyil. Bu, bizim hamımız üçün təhqirdir. Bir baxın, Frensiz ilə Co da buradadırlar.
Bu Konun xeyri üçündür.
– Bu lap ağ oldu, – Bret dedi və yenə güldü.
– Arifə bir işarə də kifayətdir, – mən dedim
– Hə, bəlkə elə deyil? Bu cür dostların içində ürəyin istəyən qədər içə bilərsən.
Musiqi başladı və Robert Kon dedi:
– Mənimlə rəqs edərsiniz, xanım Bret?
Bret ona gülümsədi.
– Mən bu mahnını Ceykobla oynamağa söz vermişdim, o güldü. Sənin adını Bibliyadan götürüblər, Ceyk.
– Bəs növbəti mahnını necə? – Kon soruşdu.
– Biz artıq gedirik, – Bret dedi. Bizim Montmartrda görüşümüz var.
Rəqs zamanı mən Bretin çiyinləri üzərindən Kona baxdım və onun hələ də barda dayanıb Bretə baxdığını gördüm.
– Yeni bir qurban hazırdır, – mən ona dedim.
– Belə demə. Yazıq oğlan. Mən də indi fikir verdim.
– Yaxşı, – mən dedim. Elə bilirdim onların sayının artmağı sənin ürəyincədir.
– Cəfəng danışma.
– Əlbəttə, xoşuna gəlir.
– Hə, yaxşı, tutaq ki, belədir sonra?
– Heç nə, – mən dedim. Biz akkordion və banconun sədaları altında rəqs edirdik. Hava isti olsa da, özümü xoşbəxt hiss edirdim. Biz dəstənin başqa bir üzvü ilə rəqs edən Corcetin yanından keçdik.
– Onu bura gətirmək haradan ağlına gəldi?
– Bilmirəm, gətirdim də.
– Getdikcə axmaq romantikə oxşayırsan.
– Elə deyil, darıxırdım.
– İndi necə?
– İndi yox.
– Gəl, çıxaq buradan. Onun qayğısına qalan çoxdur.
– Doğrudan istəyirsən?
– İstəməsəm, niyə təklif edim ki?
Biz döşəmədən ayrıldıq, mən divardakı asılqandan paltomu götürüb geyindim. Bret barın yanında məni gözləyirdi. Kon ona nəsə deyirdi. Mən bara yaxınlaşıb bir zərf istədim. Müdir birini tapdı. Cibimdən əlli franklıq çek çıxarıb, zərfə qoyub möhürləyəndən sonra ona uzatdım.
– Mənimlə gələn qız məni soruşsa, zəhmət olmasa, bu zərfi ona verin, – mən dedim. Yox, əgər, bu bəylərdən biri ilə getsə, o zaman xahiş edirəm, bu zərfi mənim üçün saxlayın.
– C'est entendu, monsieur (Başa düşdüm, cənab, fr.), – bar sahibi dedi. Artıq gedirsiniz? Belə tez?
– Bəli, dedim.
Biz qapıya yaxınlaşdıq. Kon hələ də Bretlə nəsə danışırdı. Bret Konla sağollaşıb qoluma girdi.
– Gecən xeyrə, Kon, – mən dedim.
Küçəyə çıxıb, taksi axtarmağa başladıq.
– Elə bil, həmin əlli frankı salıb itirdin, – Bret dedi.
– Ah, elədir ki var.
– Bir dənə də taksi yoxdur.
– Biz Pantona qədər piyada gedib oradan birini tapa bilərik.
– Gəl, yolüstü istənilən pivəxanaya gedib içək, taksi üçün isə bir adam tapıb göndərək.
– Küçədə də gəzmək istəmirsən.
– Əgər çarə varsa, niyə də istəyim?
Biz ən yaxın pivəxanaya girdik və mən ofisiantı taksi tapmaq üçün göndərdim.
– Belə, – mən dedim, – biz onlardan uzaqlaşdıq.
Biz hündür bara söykənib heç bir söz demədən bir-birimizə baxırdıq.
Ofisiant gəlib taksinin bayırda olduğunu deməsi bizi özümüzə gətirdi. Bret mənim əlimi möhkəm sıxdı. Mən ofisianta bir frank verdim və biz oradan çıxdıq.
– Deyək, hara sürsün? – mən soruşdum.
– Ah, hara istəyirsə, ora da getsin.
Biz əyləşdik, qapını bağlayıb sürücüyə Monsori Parkına sürməsini söylədim. Bret küncdə gözləri yumulu, arxaya tərəf əyilmişdi. Mən onun yanında əyləşdim. Maşın yola düşdü.
– Ah, əzizim, mən elə bədbəxtəm ki! – Bret dedi.
4
Taksi təpəni yuxarı qalxıb işıqlı meydandan keçərək, üzüyuxarı qaranlığa girib, sonra San Etyen du Mont küçəsinin arxasındakı qaranlıq küçəyə daxil olaraq ehtiyatla üzüaşağı düşüb ağacların və Kontreskarpdakı avtobus dayanacağının yanından keçib, Muftar küçəsinin çay daşlari ilə örtülmüş yollarına doğru buruldu. Burada səhərə qədər barlar işıq gəlir, mağazalar açıq olur. Bir-birimizdən aralı otursaq da, köhnə küçəni üzü aşağı düşdükcə bir-birimizə yaxınlaşırdıq. Bretin şlyapası başından düşmüş, başını arxaya söykəmişdi. Mən bir anlığa mağazalardan düşən işığın altında onun çöhrəsini gördüm, sonra yenidən qaranlıq oldu, daha sonra biz Qabelin prospektinə çatdıq və mən onun üzünü daha aydın gördüm. Yol dağıldığından fəhlələr asetilen işığı altında yolda işləyirdilər. Bretin bəyaz çöhrəsi və uzun boynu parlaq işıq altında aydın görünürdü. Küçə yenidən qaranlıqlaşanda mən onu öpdüm. Bizim dodaqlarımız möhkəmcə bir-birinə yapışmışdı, ancaq o üzünü çevirdi və bacardığı qədər oturacağın küncünə tərəf sıxıldı. Başını aşağı salmışdı.
– Mənə toxunma, – o dedi. Xahiş edirəm, toxunma.
– Nə olub axı?
– Bacarmıram.
– Ah, Bret.
– Lazım deyil. Mən bacarmıram, vəssalam. Ah, əzizim, xahiş edirəm məni başa düş!
– Məni sevmirsən?
– Sevmirəm?! Sənin bircə toxunuşun kifayətdir ki, mən əriyim.
– Necə ola bilər ki, bunun bir çarəsi olmaya?!
O artıq qamətini düzəltmişdi. Mən qolumu ona dolamış, o isə mənə söykənib sakitcə oturmuşduq. O, gözlərini zilləyib mənə elə baxırdı ki, sanki bu gözlər onun deyildi. O, mənə baxanda sanki bütün dünya dayanırdı. O, elə baxırdı ki, sanki dünyada bu cür baxılası ikinci bir şey yoxdur, əslində isə o, həyatda çox şeydən qorxurdu.
– Əldən gələn bir şey yoxdur, – mən dedim.
– Mən bilmirəm, – o dedi. Yenidən o cəhənnəmi yaşamaq istəmirəm.
– Yaxşısı budur, bir-birimizdən uzaq duraq.
– Amma, mən sənsiz qala bilmirəm. Məsələ təkcə bunda deyil.
– Elədir, amma həmişə bura gəlib çıxır.
– Bu mənim səhvimdir. Məgər, hər insan öz əməllərinin cəzasını çəkmir?
O, elə hey mənim gözlərimin içinə baxırdı. Onun gözlərinin müxtəlif dərinlikləri olsa da, bəzən onlar tamamilə düz olurdu. Ancaq indi ora gedən bütün yollar görünürdü.
– Bəzən kişilərə nə qədər əzab verdiyimi fikirləşirəm. İndiyədək bunun cəzasını çəkirəm.
– Səfehləmə, – mən dedim. Məsələn, mən başıma nə gəlirsə, gülüşlə qarşılayıram. Heç vaxt keçmiş barədə düşünmürəm.
– Ah, buna şübhəm yoxdur.
– Yaxşı, gəl söhbəti bağlayaq.
– Mən özüm də nə vaxtsa onlara gülmüşəm. O, mənə baxmırdı.
– Qardaşımın dostu Monsdan belə vəziyyətdə qayıdıb. Bu bizə axmaq bir zarafat kimi görünürdü. Görəsən, doğrudan insan heç vaxt heç nəyi başa düşmür?
– Hə, – mən dedim. Heç kim hər şeyi bilə bilməz.
Mən bu mövzuda xeyli məlumatlıyam. Vaxtilə mən bu məsələyə mümkün olan müxtəlif aspektlərdən baxaraq müəyyən etmişəm ki, bəzilərində olan eyib və qüsurlar lağ yeri olsa da, həmin şəxs üçün ciddi problemdir.
– Bu, gülməlidir – mən dedim. Çox gülməlidir. Qəribə olsa da, eşqə düşmək də gülməlidir.
– Belə düşünürsən? – onun gözləri yenidən mənə zillənmişdi.
– Mən o mənada demirəm. Yəni ki, xoş bir hissdir.
– Yox, – o dedi. Məncə, bu yer üzündəki cəhənnəmdir.
– Yaxşı ki, görüşdük.
– Məncə, burada yaxşı bir şey yoxdur.
– Məni görmək istəmirsən?
– Buna məcburam.
İndi biz iki yad insan kimi oturmuşduq. Sağımızda Monsuri parkı var idi. Alabalıq hovuzu olan qaranlıq və bağlı restoranda əyləşib parka tamaşa etmək olardı. Sürücü başını bizə tərəf çevirdi.
– Hara getmək istəyirsiniz? – mən soruşdum. Bret başını yana çevirdi.
– Oh, de ki, kafe Selektə sürsün.
– Kafe Selektə sürün, – mən dedim, Monparnas Bulvarına.
Biz düz aşağı düşüb, Montruj tramvaylarına keşik çəkən Belfort şirinin ətrafında fırlandıq. Bret yola baxırdı. Raspay bulvarında, Monparnas işıqlarının önündə Bret dedi:
– Səndən bir şey istəsəm, etiraz etməzsən?
– Bu nə sözdür?!
– Çatmamışdan qabaq məni bir dəfə də öp.
Taksi saxlayanda mən düşdüm və borcumuzu ödədim. Bret şlyapasını başına qoyub aşağı düşdü. O, aşağı düşəndə əlini mənə uzatdı. Onun əlləri titrəyirdi.
– Çox səliqəsiz görünürəm?
O, kişi papağını xatırladan şlyapasını gözünün üstünə salıb bara sarı getdi. Bardan və stollardan başqa rəqs zalında olanların çoxu burada idi.
– Salam, dostlar! – Bret dedi. Mən içmək istəyirəm.
– Ah, Bret! Bret! – özünü hersoq adlandıran, hamının Zizi çağırdığı balaca yunan portret rəssamı onun gözünə girmək üçün canfəşanlıq edirdi.
– Sənə deyiləsi yaxşı xəbərlərim var.
– Hello Zizi, – Bret dedi.
– Səni bir dostumla tanış etmək istəyirəm, – Zizi dedi. Kök bir kişi bizə yaxınlaşdı.
– Qraf Mippipopolus, – rəfiqəm Eşli xanım.
– Salam, – Bret dedi.
– Yaxşı, ülyahəzrət Parisdə yaxşı vaxt keçirə bilir? – saat zəncirinə sığın dişi taxmış qraf Mippipopolus soruşdu.
– Belə də, – Bret dedi.
– Paris gözəl şəhərdir, – qraf dedi. Ancaq mən duşunürəm ki, Londonla bağlı daha gözəl xatirələriniz var.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386249) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Tərkibində razyana olan spirtli içki