Kerri bacı
Teodor Drayzer
Dünya şöhrətli yazıçı və ictimai xadim, amerikan ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri sayılan Teodor Drayzer ""Kerri bacı"" romanını 1900-cü ildə yazdı. Romanın qəhrəmanı öncə evli adamın məşuqəsi, sonra isə məşhur aktrisa olan bir qızdır.
Romanda qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli, bu yolla gedənin isə ləyaqətli, namuslu, günahsız olduğunu vəsf edən Amerika həyat tərzi, sadə insanların mənəviyyatını pozan, onların saf, bakirə əxlaqına təcavüz edən burjua cəmiyyəti ciddi tənqid edilmişdir.
“Kerri bacı” romanı insan psixologiyası və cəmiyyətin təzadları baxımından olduqca maraqlı bir əsərdir.
Teodor Drayzer
Kerri Bacı
I FƏSİL
MAQNİTİN CAZİBƏ QÜVVƏSİ. TƏBİİ QÜVVƏLƏRİN PƏNCƏSİNDƏ
Karolina Miber gündüz Çikaqoya gedən qatara mindiyi zaman onun bütün var-yoxu balaca sandıqçadan, süni timsah dərisi ilə örtülmüş ucuz çamadandan, nahar qoyulmuş qutudan və içərisində dəmir yol bileti, Van-Büren-stritdə yaşayan bacısının ünvanı yazılmış kağız parçası və içində dörd dollar olan sarı pul kisəsindən ibarət idi.
Bu əhvalat 1889-cu ildə olmuşdu. Karolinanın on səkkiz yaşı yenicə tamamlanmışdı. O, dərrakəli qız idi, lakin onda gənclik və bilməməzlik xəyalpərvərliyi ilə dolu olan xüsusi bir utancaqlıq var idi. O, ata-anasından ayrılarkən bəzi şeylərə heyfsilənirdisə də, bu heyfsilənmə hər halda onun əl çəkdiyi rahatlıq üçün deyildi.
Anası onu son dəfə öpdüyü zaman qızın gözlərindən yaş sıçradı, qatar atasının günəmuzd işlədiyi dəyirmanın yanından gurultu ilə keçərkən onun boğazı göynədi, şəhərin tanış yaşıl kənarları gözdən itdikdə və onu doğma evlərinə o qədər də möhkəm bağlamayan tellər əbədi olaraq qırıldıqda sinəsindən dərin bir ah qopdu.
Əlbəttə o, yaxın stansiyaların birində düşüb evə qayıda bilərdi. İrəlidə hər gün gələn qatarlar vasitəsilə bütün ölkə ilə bağlı olan şəhər yerləşirdi. Kolumbiya-siti şəhərciyi də o qədər uzaq deyildi ki, öz doğma yerlərinə hətta Çikaqodan belə qayıtmaq mümkün olmasın. Bir neçə yüz mil, yaxud bir neçə saat nədir ki?
Karolina, bacısının ünvanı olan kağıza baxdı və ixtiyarsız olaraq düşünməyə başladı. O, uzun müddət qarşısından sürətlə ötüb keçən yaşıl mənzərələri seyr etdi, sonra ilk yol təəssüratı arxa plana keçdi, onların yerini qatarı ötüb keçən fikirlər, Çikaqonun nə cür şəhər olduğu haqqında dumanlı anlayışlar tutdu.
On səkkiz yaşlı qız öz doğma evlərini tərk etdiyi zaman ya yaxşı ələ düşür və daha da yaxşılaşır, ya da paytaxt şəhərlərinin əxlaq məsələlərinə dair görüşlərini tez qavrayır və xarab olur. Burada orta bir yol yoxdur.
Böyük şəhər məkrlə doludur. Orada incə mədəniyyətlə adamları cəlb edən və ardınca aparan qarşısıalınmaz böyük bir qüvvə hökm sürür. Minlərlə işığın zəif titrəyişi heç də sevgi dolu gözlərin gözəl ifadəli parlayışından az təsir etmir. Hiyləsiz və sadəlövh adamın əxlaqı başlıca olaraq ondan asılı olmayan təsirlər nəticəsində pozulur. Dalğalanan səslər, həyatın qulaqbatırıcı gurultusu, nəhəng arı pətəyinə oxşayan insan toplantısı – bunların hamısı insanı heyrətləndirir, onun hisslərində bir qarmaqarışıqlıq və həyəcan törədir. Adamın yanında vaxtında izahat və ağıllı məsləhət verən adam olmadıqda bütün bunlar müdafiəsiz qulaqlara nə qədər yalan şeylər pıçıldayır! Bu təsirlər (onları düzgün qiymətləndirmək o qədər də asan deyildir) öz xarici gözəllikləri ilə musiqi kimi çox vaxt adamda ehtiyat hissini kütləşdirir, onu zəiflədir, sonra isə ən sadə təsəvvürlərini alt-üst edir.
Karolina, yaxud Kerri bacı – onu ailələrində nəvazişlə belə adlandırırdılar – inkişaf etməmiş bir əqlə malik idi. O hələ müşahidə və təhlil etməyi bacarmırdı. O xudpəsənd idi, bu xudpəsəndlik o qədər qabarıq deyildisə də, bunu hər halda onun xasiyyətinin əsas əlaməti hesab etmək olardı. Gənclik arzuları şiddətlə alovlanırdı, onda keçid dövrünə məxsus sadə bir qəşənglik vardı, boy-buxunu gələcəkdə çox zərif olacağını vəd edirdi, gözləri isə təbii fərasətlə parıldayırdı, – bir sözlə o, orta təbəqədən olan Amerika qadınlarının gözəl bir nümunəsi idi.
Mütaliə Kerrini heç də maraqlandırmırdı – bilik aləmi onun üzünə bağlı idi. O, qeyri-süni naz satmaq sənətində də tam təcrübəsiz idi. O, hələ başını oynaq surətdə geri atmağı öyrənməmişdi, əllərinin hərəkəti kobud, balaca ayaqlarının yerişi ağır idi. Lakin, o, öz xarici görünüşü qayğısına qalır, həyati sevincləri kəskinliklə qavrayır və inadla maddi rifaha doğru can atırdı.
Kerri bacı böyük, əsrarəngiz bir şəhərdə xoşbəxtlik axtarmağa cəsarətlə çıxan, bu şəhəri fatehin qəniməti kimi onun ayaqları altına atacaq uzaq qələbələr haqqında tutqun arzularla qanadlanan pis silahlanmış balaca bir cəngavər idi.
– Bura Viskonsin ştatının ən gözəl balaca kurortlarından biridir, – deyə onun qulağı dibində kiminsə səsi eşidildi.
– Eləmi? – deyə Kerri həyəcanla cavab verdi.
Elə bu zaman qatar Vokişa stansiyasından yola düşdü. Kerri hələ əvvəlcədən arxasında bir kişinin durduğunu görmüş və onun topa saçlarına baxdığını hiss etmişdi. Kerri bu adamın onunla maraqlandığını sövq-təbii olaraq anlamışdı. Qızlıq təvazökarlığı, anadangəlmə bir duyğu ona pıçıldayırdı ki, bu adamı yaxına buraxmaq olmaz, onu uzaqda saxlamaq lazımdır. Lakin qonşusunun zəngin təcrübələr və keçmiş müvəffəqiyyətlər nəticəsində qazanılmış cəsarəti və cazibə qüvvəsi üstün gəldi, Kerri də ona cavab verdi.
O azca qabağa əyilib dirsəklərini Kerrinin oturduğu stulun söykənəcəyinə qoydu və özünü yaxşı bir yol yoldaşı kimi göstərmək istəyərək danışmağa başladı:
– Bəli, bura gözəl yerdir! Çikaqo əhalisi burada dincəlir. Görünür, siz bu yerlərlə tanış deyilsiniz?
– Yox, tanışam, – deyə Kerri cavab verdi. – Daha doğrusu mən Kolumbiya-sitidə yaşayıram. Buralarda isə hələ olmamışam.
– Deməli, bu sizin Çikaqoya birinci səfərinizdir?
Söhbət zamanı Kerri hiss edilmədən müsahibini nəzərdən keçirirdi. Onun parlaq, qırmızı yanaqları, sarı bığları var idi, başına yumşaq fetr şlyapa qoymuşdu. Kerri çevrilib düz onun üzünə baxdı, qızda özünü qorumaq hissilə qadın şuxluğu arasında mübarizə gedirdi. O dedi:
– Mən heç sizə demədim ki, bu mənim ilk səfərimdir!
– Ah, eləmi?
O, özünü səhv etmiş kimi göstərərək yaltaqcasına: – Yəqin, mən səhv, eşitmişəm, – dedi.
Bu adam böyük bir ticarət müəssisəsinin tipik kommivoyajeri[1 - Kommivoyajer (xarici ölkələrdə: ticarət agenti)] idi. O, o zamanın məhəlli ləhcəsində “təbilçilər” adlandırılan insanlar təbəqəsinə mənsub idi. Ona eyni zamanda daha sonralar meydana çıxmış və XIX əsrin axırlarında vətəndaşlıq hüququ qazanmış bir söz də – “sarsıdıcı” sözü də yaraşardı, bu söz öz geyimləri və hərəkətləri ilə tez mütəəssir olan gənc qadınların diqqətini cəlb etmək və onları heyrətləndirmək istəyən adamların simasını müəyyən edirdi.
O zaman qəhvəyi rəngli dama-dama yun kostyum yenicə çıxmışdı, sonralar işgüzar adamlar adətən belə kostyum geyərdilər. Yaxası çox açıq olan jiletinin kəsiyindən ağ və çəhrayı milləri olan köynəyinin kraxmallanmış döşü görünürdü. Pencəyinin qollarından qızıl suyuna çəkilmiş sarı əqiqdən iri düymələrlə bağlanan, yenə həmin rəngdə kətan qolçaqları çıxmışdı. Bu daşı çox vaxt “pişik gözü” adlandırırlar. Barmaqlarında bir neçə üzük parlayırdı (bunların içərisində, əlbəttə, möhürlü üzük də vardı), jiletinin balaca cibindən sallanmış qızıl saat zəncirinin üstündə gizli sığınlar cəmiyyətinin ordeni asılmışdı. Kostyumu əynində lap kip otururdu. Qalın altlıqlı par-par parıldayan qəhvəyi çəkmələr və yumşaq boz şlyapa onun geyimini tamamlayırdı.
Kerrinin inkişaf səviyyəsində olanlara bu naməlum adam qəşəng görünə bilərdi, kommivoyajeri xoş göstərən bütün bu şeylərin hamısını görmək üçün Kerrinin ötəri bir nəzər salması kifayət idi.
İşdir, birdən dünyada belə adamların kökü üzülə bilər, ona görə də mən burada onların müvəffəqiyyətlə işlətdikləri üsul və hiylələri təsvir etmək istəyirəm. Yaxşı geyim, şübhəsiz ki, kommivoyajerin əsas üstünlüyü idi. Bunsuz o heç nə olardı. İkincisi o, bədəncə möhkəm adam idi, qadınlara qarşı meyli onun başlıca hərəkətverici qüvvəsi idi. Dünyanı idarə edən problemlərə və qüvvələrə dair hər hansı bir fikir onun düşüncəsinə yad idi, onun hərəkətlərini isə acgözlük deyil, müxtəlif əyləncələrə qarşı doymaq bilməyən bir məhəbbət idarə edirdi.
Onun üsulları adətən sadə olurdu. Hər şeydən əvvəl o cəsarətli idi. Əlbəttə, bu cəsarət qüvvətli hissi istəyə və qadına valeh olmağa əsaslanırdı.
O, gənc bir qadına rast gəldiyi zaman çox xeyirxah bir rəsmiyyətlə ona hörmət və nəvaziş etməyə başlayır, bəzən yalvarır və əksər hallarda da müvəffəq olurdu.
Qadın əzilib-büzülməyə meyl etdikdə ondakı bantı düzəltməyə təşəbbüs göstərir, qadının tora düşdüyünü hiss etdikdə isə, dərhal onu adı ilə çağırmağa başlayırdı.
Misal üçün, universal mağazaya girdikdə kommivoyajer sərbəstcə piştaxtaya söykənir və satıcı qıza bir neçə üstüörtülü suallar verirdi. Daha nəcib yerlərdə, habelə qatarda və ya gözləmə salonunda özünü çox ehtiyatla aparırdı. Lakin münasib bir ova təsadüf edən kimi, diqqət və nəzakət mücəssəməsinə çevrilər, hava haqqında söhbət salar, vaqonun qapısını nəzakətlə açar, çamadanı aparmağa kömək edərdi, bütün bunlar mümkün olmadıqda vaqon yerinə çatana qədər qadına rəğbətini göstərməyə imkan tapmaq ümidilə onun yanında oturmağa çalışardı. Balıncı başının altına qoymaq, kitab təklif etmək, skamyanı ayağının altına çəkmək, pəncərənin pərdəsini salmaq – hər şey haqqında düşünməyə vaxt tapardı. O ancaq işi ümidsiz hesab etdikdə, yol yoldaşının şeylərinin əziyyətini çəkməmək üçün vaqondan onun ardınca düşməzdi.
Qadınlardan biri bir vaxt paltar haqqında fəlsəfi bir traktat yazmalıdır. Qadın nə qədər gənc olsa belə paltardan başı çıxır. Kişi kostyumunu qiymətləndirərkən qadın çətin hiss olunan bir sərhəd müəyyən edir. Bu da ona kişiləri onun diqqətinə layiq olanlara və olmayanlara ayırmaq imkanı verir. Bu sərhəddən aşağı düşən adam artıq heç bir zaman onun nəzərini cəlb etməz.
Bir də qadınlar həmişə öz paltarlarını kişilərin paltarı ilə müqayisə edirlər. Kerrinin də qonşusu ixtiyarsız olaraq onu belə bir müqayisəyə sövq etdi. Kerri birdən onların bir-birindən nə qədər fərqli olduqlarını anladı. Qara iplik qaytanla haşiyələnmiş sadə göy paltarı ona o qədər miskin göründü ki… O birdən ayaqqabılarının nə qədər köhnəlmiş olduğunu hiss etdi.
– Bağışlayın, – deyə, yol yoldaşı davam etdi, – mən axı deyəsən sizin şəhərdə çoxlarını tanıyıram. Məsələn, Morgenrotorun hazır paltar mağazasını, Qibsonun parça mallar mağazasını.
Kerri onun sözünü kəsərək:
– Doğrudanmı? – dedi və sonra bu mağazaların vitrini qarşısında durub nə qədər ürəksıxıcı dəqiqələr keçirdiyini xatırlayaraq dərhal canlandı.
O hiss etdi ki, nəhayət qızın diqqətini cəlb etmək üçün yol tapmışdır. Bir neçə dəqiqədən sonra o, artıq Kerri ilə yanaşı oturub hazır paltarlar satmaq üçün bağladığı sazişlərdən, özünün səyahətlərindən, Çikaqodan, şəhər əyləncələrindən danışmağa başladı.
– Əgər siz Çikaqoya gedirsinizsə, bu şəhər sizə çox xoş gələcəkdir. Sizin orada qohumlarınız varmı?
– Mən bacımı görməyə gedirəm, – deyə Kerri cavab verdi.
Yol yoldaşı dedi:
– Siz mütləq Linkoln-parkı və Miçiqan bulvarını görməlisiniz. Orada nəhəng binalar tikilir. Bu, sözün tam mənasında ikinci Nyu-Yorkdur. Qiyamət şəhərdir! Orada baxmalı şey çoxdur. Teatrlar, çoxlu adamlar, gözəl binalar. Ora sizin çox xoşunuza gələcəkdir!
Kerri nə isə anlaşılmaz bir ağrı duydu. Bütün bu gözəlliklərlə müqayisədə o özünü dəyərsiz hiss edir və bu onu sıxırdı, lakin yenə də yol yoldaşının bütün danışıqlarında nə isə ümidverici bir şey var idi. Bu yaxşı geyinmiş adamın diqqəti ona xoş gəlirdi.
O bir məşhur aktrisa haqqında danışıb Kerrinin ona oxşadığını söylədikdə qız özünü gülümsəməkdən saxlaya bilmədi. Kerri heç də ağılsız qız deyildi, lakin bu müqayisədən o həzz aldı…
– Siz yəqin ki, Çikaqoda bir qədər qalacaqsınız?
– Doğrusu, bilmirəm, – deyə, Kerri mütərəddid halda cavab verdi. Onun xəyalından bəlkə də orada iş tapa bilməyəcəyi fikri keçdi.
– Hər halda yəqin ki, bir neçə həftə qalacaqsınız? – deyə o, qızın gözlərinə baxaraq təkidlə soruşdu.
Onların danışdığı sözlər əslində aralarında baş verən hadisəni heç də əks etdirmirdi. O, bu qızda parlaq gözəlliyi əvəz edən ifadə olunmaz bir məlahət duymuşdu. Kerri anlayırdı ki, o, bu adam üçün ancaq müəyyən bir nöqteyi-nəzərdən maraqlıdır, – bu adətən qadını vahiməyə salır və eyni zamanda onu vəcdə gətirir. Kerrinin hərəkətləri çox sadə idi. Bu ondan irəli gəlirdi ki, o öz həqiqi hisslərini gizlətməkdə qadınlara kömək edən çoxlu məsum hiylələri hələ öyrənməmişdi. Onun hərəkətləri bir çox cəhətdən cəsarətli görünə bilərdi. Kerrinin ağıllı və təcrübəli bir dostu olsaydı, onu başa salardı ki, kişinin üzünə bu cür inadla baxmaq yaxşı deyil.
– Bu sizi nə üçün maraqlandırır? – deyə Kerri soruşdu.
– Elə belə. Çünki mən özüm də Çikaqoda bir neçə həftə qalacağam. Mən bizim firmaların malları ilə yaxşı tanış olmalı və yeni nümunələr götürməliyəm. Bu müddət ərzində mən sizə şəhəri göstərə bilərdim.
– Bilmirəm… yəni demək istəyirəm ki, sizinlə gedə biləcəyimi bilmirəm, çünki mən bacımgildə yaşayacağam və…
O, qızın sözünü kəsdi:
– Nə olsun ki, əgər bacınız bunun əleyhinə olarsa, biz başqa bir yol tapa bilərik.
Bu zaman o, cibindən bir dəftərçə və karandaş çıxartdı, sanki onlar artıq hər şey barəsində danışıb razılaşmışdılar.
– Hə, ünvanınızı deyin görüm!
Kerri bacısının ünvanı yazılmış kağız parçası olan çantasını qurdalamağa başladı.
Onun yol yoldaşı əlini şalvarının dal cibinə atdı, oradan içərisində bir dəstə yaşıl kağız pul, bir yığın müxtəlif məktublar və qəbzlər olan pul kisəsini çıxartdı. Bu pul kisəsi Kerriyə böyük təsir bağışladı. Onun tanışlarının heç birinin bu cür pul kisəsi yox idi. Ümumiyyətlə o, bu qədər təcrübəli səyyaha və şıq geyimli adama heç bir zaman rast gəlməmişdi. Pul kisəsi, işıldayan darçını çəkmələr, təzəcə tikilmiş zərif kostyum, cəsarətli hərəkətlər – bunların hamısı bu adamı əhatə edən saysız-hesabsız sərvətlər aləmini Kerrinin xəyalında canlandırırdı və bunların hamısı Kerridə bu adama qarşı hüsn-rəğbət oyadırdı.
O, pul kisəsindən üzərində litoqraf üsulu ilə “Bartlet Kario və K0” sözləri əlavə edilmişdi. Vərəqənin aşağısında sol küncdə “Çarlz Drue” sözləri əlavə edilmişdi. O, vərəqəni Kerriyə uzadaraq aşağıda yazılmış familiyasını göstərdi…
– Mənim adım belədir. “Drue” tələffüz olunur. Mən ata tərəfdən fransızam, – dedi.
Drue pul kisəsini cibinə qoyana qədər Kerri vərəqəyə baxdı. Drue, pencəyinin qoltuq cibindən bir çəngə məktub çıxartdı, onlardan birini götürüb yan tərəfindəki şəkli göstərdi və dedi:
– Bu bizim firmanın yerləşdiyi evdir. Steyt və Leyk-strit küçələrinin tinindədir.
Onun səsində bir qürur duyulurdu. Belə bir firmada qulluq etmək zarafat deyildi. O istəyirdi ki, qız bunu hiss etsin.
– Bəs sizin ünvanınız? – deyə o yenidən soruşdu və yazmağa hazırlaşdı.
Kerri ağır-ağır dilləndi:
– Kerri Miber, Qərb tərəfdə, Van-Büren-strit, üç yüz əlli dördüncü ev, Hansonun mənzili.
Drue ünvanı diqqətlə yazdı, yenə pul kisəsini çıxartdı, cib dəftərçəsini ora qoydu və:
– Mən bazar ertəsi gəlsəm, sizi evdə tapa bilərəmmi? – deyə soruşdu.
– Yəqin ki, taparsınız, – deyə Kerri cavab verdi.
Sözlərin başımızda cilvələnən saysız-hesabsız fikirlərin ancaq solğun bir kölgəsi olduğu nə qədər doğrudur! Sözlər bizim ucadan deyə bilmədiyimiz böyük hiss və arzuları ancaq birləşdirən kiçik bir halqadır.
Budur, bu iki adam skamyada oturub bir-birinə əhəmiyyətsiz sözlər deyir, biri pul kisəsini, digəri çantasını çıxardır, vizit vərəqəsinə baxır, lakin həqiqi hisslərinin nə qədər tutqun olduğunu özləri də başa düşmürlər. Nə Drue nə də Kerri o qədər fərasətli deyillər ki, bir-birinin beyninin hansı istiqamətdə işlədiyini müəyyən edə bilsinlər. Drue hələ qızı öz toruna salıb salmayacağını deyə bilməzdi, Kerri isə Drue onun ünvanını yazıncaya qədər özünün aciz halda axınla üzdüyünü başa düşmüşdü. Lakin indi Kerri nə isə bir şeydə ona güzəştə getdiyini, Drue isə qalib gəldiyini hiss etdi. Onların hər ikisinə aydın idi ki, aralarında nə isə bir əlaqə yaranmışdır.
Drue söhbəti ələ alıb onu asanlıqla davam etdirirdi. Kerri isə fikirsiz halda dinləyirdi.
Onlar Çikaqoya yaxınlaşırdılar. Siqnal işıqları yanıb sönürdü, qarşı tərəfdən gələn qatarlar yanlarından ötüb keçirdi. Düz və çılpaq səhraların hüdudsuz genişliyindən teleqraf sütunları cərgə ilə böyük şəhərə tərəf addımlayırdı. Uzaqda artıq şəhərin ətrafı görünür, fabrik boruları səmaya ucalırdı.
Açıq səhrada çəpərlənməmiş, ətrafında ağac əkilməmiş ikimərtəbəli tənha binalar tez-tez görünməyə başlayırdı – onlar yaxınlaşan evlər ordusunun kəşfiyyatçılarına bənzəyirdilər.
Uşağa, dahi təxəyyülünə malik olan adama və ilk dəfə səyahət edənlərə böyük şəhərə yaxınlaşmaq nə isə qəribə gəlir. Xüsusən axşamçağı bütün canlı aləmin bir vəziyyətdən başqa vəziyyətə keçdiyi, işıq ilə zülmət arasında əsrarəngiz mübarizə getdiyi zaman bu daha qüvvətli təsir bağışlayır. Ah, yaxınlaşan gecənin verdiyi vədlər! Yorulmuş adama gecə nə qədər çox şeylər deyir! O keçmiş xəyalları və ümidləri necə də canlandırır! Yorulmuş zəhmətkeşin qəlbi deyir: “Mən tezliklə azad olacağam, mən şənlik edənlər dəstəsinə qoşulacaq və onlarla birlikdə şənlik edəcəyəm. Kücələr, fənərlər, stolları üzərində xörəklər qoyulmuş işıqlı otaqlar – bunların hamısı mənim üçündür! Teatrlar, salonlar, yığıncaqlar, istirahətə gedən yollar, insanı şən nəğmələrə doğru aparan cığırlar – gecə başlanan kimi bunların hamısı mənim olacaqdır!” Bütün insan övladının hələ də kontorlarda və zavodlarda işlə məşğul olmasına baxmayaraq, həzz almaq fikrindən doğan titrəyiş artıq havanı doldurur. Ən süst adamlar belə təsvir edilməsi, yaxud sözlə ifadə edilməsi həmişə mümkün olmayan hisslər keçirir, sanki birdən çiyinlərindən zəhmətin ağır yükünü atırlar.
Kerri bacı pəncərəyə baxırdı. Onun bu marağı yoluxucu xəstəlik kimi Drueyə də sirayət etdi və o böyük şəhərə yeni gözlə baxaraq onun möcüzələrindən danışmağa başladı.
– Bura Çikaqonun şimal-qərb hissəsidir, – dedi. – Bu da Çikaqo çayıdır, – deyə əlavə etdi və burunlarını qranit sahilin qara dirəklərinə söykənərək, bir-birini sıxışdıran uzaq sulardan gəlmiş nəhəng üç dorlu gəmilərin dayandığı bulanıq çayı göstərdi.
Fışıldayan buxarın səsi, taqqıltı, cingilti eşidildi və çay geridə qaldı.
– Çikaqo böyük, gözəl şəhərə çevrilir, – deyə o sözünə davam etdi. – Siz orada tamaşa ediləsi çox şey tapacaqsınız.
Kerri onun sözlərini demək olar ki, eşitmirdi. Öz doğma evlərindən uzaqda, tamamilə tənha olduğunu, böyük həyat və cəsarət dənizinə doğru irəlilədiyini fikirləşdikdə onu birdən-birə qeyri-ixtiyari bir vahimə basdı. O, boğulduğunu hiss etdi. Şiddətli ürək döyüntüsü yüngül ürək bulanma əmələ gətirirdi. O, gözlərini yarım yumaraq bütün bunların boş şeylər olduğuna, Kolumbiya-sitinin Çikaqodan o qədər də uzaq olmadığına özünü inandırmağa çalışdı.
Konduktor qapını taqqıltı ilə açaraq:
– Çikaqo! Çikaqo! – deyə bağırdı.
Qatar çoxlu rels şəbəkəsinə daxil oldu. Taqqıltı və gurultu havanı doldurdu. Kerri bir əli ilə köhnə çamadanından yapışdı, o biri əli ilə çantasını bərk-bərk sıxdı.
Drue də qalxdı. Adət olunmuş bir hərəkətlə şalvarını düzəltdi, təmiz, sarı çamadanını götürdü.
– Yəqin ki, qohumlarınız sizi qarşılayacaqdır? – deyə soruşdu. – İcazə verin, çamadanınızı götürüm.
– Yox, lazım deyil, – deyə Kerri cəld cavab verdi. – Rica edirəm, lazım deyil! Həm də bacımla görüşdüyüm zaman sizin mənim yanımda olmağınızı istəmirəm.
Drue azacıq da incimədən cavab verdi:
– Yaxşı, hər halda mən sizin yaxınlığınızda olacağam. Əgər bacınız vağzalda olmazsa, sizi onlara apararam.
Kerri adət etmədiyi bir şəraitdə bu cür diqqətin nə qədər qiymətli olduğunu anlayaraq:
– Siz çox lütfkarsınız, – deyə təşəkkür etdi.
Konduktor səsini uzadaraq yenidən qışqırdı:
– Çikaqo!
Qatar ağır-ağır hərəkət edərək, işıqları yenicə yandırılmış olan vağzalın böyük, toranlıq tağı altına daxil oldu.
Bütün sərnişinlər ayağa qalxıb, qapının ağzına toplanmışdılar.
Drue:
– Hə, gəlib çatdıq, – dedi. – Xudahafiz. Bazar ertəsinə qədər.
– Xudahafiz! – deyə Kerri cavab verdi və ona doğru uzadılmış əli sıxdı.
– Unutmayın ki, bacınızı tapana qədər mən sizi gözdən qoymayacağam.
Kerri nəvazişlə gülümsündü.
Sərnişinlər bir-birinin ardınca vaqonu tərk etməyə başladılar. Drue özünü elə göstərirdi ki, guya Kerriyə fikir vermir. Perronda yorğun sifətli balaca bir qadın Kerrini tanıdı və onun qabağına yüyürdü. O:
– Salam, Kerri! – dedi və laqeyd halda onu qucaqladı.
Kerri o saat başa düşdü ki, bir az bundan qabaq əhatə olunduğu qayğını bacısından gözləməyi nahaqdır. O bütün bu qarmaqarışıqlıqda, səs-küy və yeniliklər içərisində həqiqətin soyuq təmasını hiss etdi. Parlaq işıqlı və şən həyat hanı? Əyləncələr və zövq aləmi hanı? Bunlar haradan ola bilərdi? Bacısının üzündə onun qayğılı və zəhmətli ağır həyatının bütün tarixi yazılmışdı.
– Hə, bizimkilər necə dolanırlar? – deyə bacısı soruşdu. – Atam, anam necədir?
Kerri suallara cavab verirdi, lakin gözləri uzaqlara dikilmişdi. Perronun axırında, gözləmə salonuna və küçəyə çıxan yolda Drue durmuşdu. O, Kerrinin onu gördüyünə və bacısının yanında olduğuna əmin olduqdan sonra çevrildi və yoluna davam etməzdən qabaq yüngülcə gülümsədi. Bunu yalnız Kerri gördü. Bu zaman onun uzaqlaşdığını gördükdə Kerri hiss etdi ki, sanki nəyi isə itirmişdir. Drue tamamilə gözdən itdikdən sonra Kerri başa düşdü ki, itirdiyi odur. Kerri bacısının yanında özünü nə qədər tənha hiss edirdi – rəhmsiz, coşqun dənizdə o tamamilə yalqız qalmışdı.
II FƏSİL
DİLƏNÇİLİK NƏ İLƏ HƏDƏLƏYİR. QRANİT VƏ TUNC
Minninin mənzili şəhər əhalisinin hər il əlli min artıran axınla Çikaqoya gəlmiş və gəlməkdə olan adamların, fəhlə və kontor işçilərinin ailələri yaşadığı Van-Büren-stritdəki evin üçüncü mərtəbəsində yerləşmişdi. Qabaq otaqların pəncərələri axşamlar qastronom mağazalarının vitrinlərindən parlaq işıq düşən və uşaqlar oynaşan küçəyə baxırdı. Gah yaxınlaşan, gah da uzaqlarda itib gedən konka zənglərinin cingiltisi qızın xoşuna gəldi. Minni bacısını qonaq otağına gətirdikdə Kerri pəncərəyə yanaşıb işıqlı küçəyə baxdı, hər tərəfə bir neçə mil uzanan böyük şəhərin səs-küyü, hərəkəti və gurultusu onu valeh etdi.
Evdə elə ilk görüşdən sonra m-s Hanson saxlamaq üçün uşağı Kerriyə verdi və özü şam yeməyi hazırlamağa başladı. M-r Hanson Kerriyə bir neçə sual verdikdən sonra axşam qəzetini oxumaqla məşğul oldu. Bu, qaraqabaq bir adam idi. O, Amerikada doğulmuşdu, lakin atası isveçli idi. Hanson sallaqxanada buz vaqonlarını təmizləyən vəzifəsində çalışırdı. O, baldızının gəlişinə laqeyd yanaşdı. Qızın görkəmi ona o qədər də təsir etməmişdi. Onu yeganə maraqlandıran şey Kerrinin Çikaqoda iş tapıb tapmayacağı idi. O:
– Şəhər böyükdür – dedi, – bir neçə gündən sonra siz bir yerə işə düzələrsiniz. Gec-tez hamı iş tapır.
Hələ Kerri gəlməmişdən qabaq ər-arvad qət etmişdilər ki, o, işə girməli və öz xərcini verməlidir. M-r Hanson təbiət etibarilə çox təmiz və qənaətcil adam idi. O artıq bir neçə ay idi ki, uzaqda, şəhərin qərb hissəsində aldığı iki parça yer üçün pul verirdi. O, bu yerdə bir vaxt ev tikmək arzusu ilə yaşayırdı.
Şam yeməyi hazırlanana qədər Kerri bacısının evini nəzərdən keçirdi. Qız müşahidəçilikdən məhrum deyildi və üstəlik bütün qadınlarda olan qabaqcadan duymaq qabiliyyətinə də malik idi.
O hiss edirdi ki, burada yoxsul, yekrəng bir həyat keçirirlər. Divarlara zövqsüz kağız çəkilmişdi, döşəməyə ucuz ayaqaltılar salınmış, qonaq otağına müxtəlif parça-tikədən quranmış nazik xalça döşənmişdi, mebelin kobudluğu, bir təhər bənd edildiyi və pulunu hissə-hissə ödəməklə alınmış olduğu dərhal nəzərə çarpırdı.
Kerri uşağı götürüb mətbəxə, bacısının yanına getdi və uşaq ağlamağa başlayana qədər orada oturdu. Sonra ayağa qalxıb uşağı otaqda gəzdirməyə və ona nə isə oxumağa başladı. Nəhayət, onun bu oxumasından mütaliə edə bilməyən Hanson gəlib uşağı ondan aldı. Bu onun yaxşı xasiyyətli olduğunu göstərirdi: o səbirli adam idi. Eyni zamanda dərhal hiss edilirdi ki, o, uşağını çox sevir.
Hanson uşaqla otaqda gəzinərək:
– Hə, hə, bəsdir, ağlama, – deyirdi. Onun tələffüzündə isveç ləhcəsi aydın hiss edilirdi.
Şam yeməyi zamanı Minni dedi:
– Sən, yəqin ki, hər şeydən əvvəl şəhərə baxmaq istəyəcəksən. Biz bazar günü sənə Linkolni-parkı göstərərik…
Kerri gördü ki, Hanson bir cavab vermədi. Görünür, onun fikri başqa şeylə məşğul idi.
Kerri dedi:
– Mən sabahdan iş axtarmağa getmək istəyirəm. Beləliklə, cümə və şənbə günləri mənim ixtiyarımda olacaqdır. Şəhərin ticarət hissəsi hansı tərəfdədir?
Minni ora necə getməyi izah etmək istədi, lakin əri onun sözünü kəsdi.
– Görürsünüzmü, bura şərqdir, – dedi və Çikaqonun yerləşməsi haqqında bütün ömrü uzunu söyləmədiyi bir nitq irad etdi. Sözünün axırında:
– Frankfurt-strit boyunca və çayın o tərəfindəki rayonda yerləşmiş böyük emalatxanalara getmənizi məsləhət görürəm. Orada çoxlu qız işləyir. Ora çox uzaq deyil, siz yola da çox vaxt sərf etməzsiniz, – dedi.
Kerri razılıq əlamət olaraq başını tərpətdi və qonşular haqqında bacısından sorğu-sual etməyə başladı. Minni özünün az-maz bildikləri haqqında yavaşca məlumat verdi. Hanson hələ də uşaqla oynayırdı, sonra o birdən yerindən qalxdı və onu arvadına verdi:
– Mən sabah tezdən durmalıyam, gedim uzanım, – dedi və dəhlizin o biri tərəfində olan qaranlıq balaca yataq otağına getdi.
– O uzaqda, sallaqxanada işləyir, saat altının yarısında durmalı olur, – Minni izah etdi.
– Elə isə bəs sən ona səhər yeməyi hazırlamaq üçün nə vaxt durursan? – deyə Kerri soruşdu.
– Təqribən beşə iyirmi dəqiqə qalmış.
Onlar gündəlik işi birlikdə qurtardılar. Kerri qabları yudu, Minni isə uşağı soyundurub yatırtdı. Minninin bütün hərəkətləri onun bu şeylərə çoxdan vərdiş etdiyini bildirirdi. Kerri başa düşdü ki, Minni hər gün bu işləri görməli olur.
Eyni zamanda Kerri başa düşürdü ki, o, Drue ilə hər cür əlaqədən boyun qaçırmalıdır. Onun buraya gəlməsi haqqında heç danışıq belə ola bilməzdi. O, Hansonun hərəkətlərindən, Minninin başıaşağılığından və ümumiyyətlə bacısının evində olan vəziyyətdən hiss etdi ki, zəhmətkeşlərin yekrəng həyat çərçivəsindən kənara çıxan hər bir təşəbbüsdə qəti müqavimətə rast gələcəkdir. Əgər Hanson hər axşam qəzet oxuyub saat doqquzda, Minni isə bir az sonra yatırsa, onlar Kerridən başqa bir şey gözləyə bilərlərmi?
Hər halda özünü təmin etmək üçün ilk növbədə iş tapmaq, sonra isə tanışlıq haqqında düşünmək lazımdır. Drue ilə onun arasında keçən zərərsiz dilxoşluq indi ona fövqəladə bir şey kimi görünürdü.
O, fikrində qət etdi: – “Yox, o bura gələ bilməz”.
Kerri bacısından kağız və mürəkkəb istədi (kağız da, mürəkkəb də yemək otağında, buxarının üstündə idi). Bacısı yatmağa gedəndən sonra Kerri Druenin ünvanı olan vizit vərəqəsini çıxartdı və yazdı:
– “Mən sizi burada qəbul edə bilmərəm. Mən yenidən yazana qədər gözləyin. Bacımın evi olduqca kiçikdir”.
Kerri daha nə əlavə etmək haqqında fikrə getdi. Qatarda bir yerdə vaxt keçirdiklərini bir təhər xatırlatmaq istədi, lakin utancaqlıq ona mane oldu. Kerri Druenin qayğısı üçün ancaq münasibətsiz təşəkkürlə kifayətləndi. Sonra nə cür imza edəcəyi barədə yenidən fikrə getdi. Nəhayət, o, məktubu “Hörmətlə” sözlərilə bitirmək qərarına gəldi və son dəqiqə fikrini dəyişib bu sözü “Sizə sadiq olan” sözlərilə əvəz etdi.
Kerri zərfi bağladı, ünvan yazdı, bir küncdə onun üçün çarpayı qoyulmuş balaca qonaq otağına keçdi. Kiçik yüyürüyü açıq pəncərənin qabağına çəkərək sakit bir həyəcanla axşam küçələrini nəzərdən keçirməyə başladı. Nəhayət fikirdən yorularaq, əzgin və yuxulu halda soyundu, paltarlarını səliqə ilə yığdı və yatağa uzandı.
Kerri səhər yuxudan ayılarkən saat səkkiz idi, Hanson çoxdan işə getmişdi. Bacısı yemək otağında oturub tikiş tikirdi. Kerri geyindi, özü üçün nahar hazırladı və sonra iş axtarmaq üçün hara getmək haqqında bacısı ilə məsləhətləşdi. Kerri onu son dəfə gördükdən bəri Minni nə qədər dəyişilmişdi! İndi o iyirmi yeddi yaşlı sağlam qadın olmasına baxmayaraq, çox arıq idi. Onun həyat təsəvvürləri eynilə ərinin baxışlarını əks etdirirdi. Onun əyləncələr və vəzifə hissi haqqında birtərəfli anlayışı görüş dairəsinin gənclikdəkinə nisbətən daha dar olduğunu göstərirdi.
Minninin bacısını yanına dəvət etməsi onsuz darıxdığı üçün deyildi. Bunun səbəbi çox sadə idi – Kerri ailədəki həyatından narazı idi, burada isə ehtimal ki, iş tapar, özünü saxlaya bilərdi. Minni yəqin ki, Kerrini görməsinə sevinirdi, lakin iş haqqında tamamilə ərinin fikrinə şərik idi. Hərgah pul verilərsə – tutaq ki, başlanğıcda həftədə beş dollar – hər iş yaxşıdır, fabrik yeni işləməyə başlayan qız üçün taleyin əvvəlcədən təyin etdiyi bir qismətdir. Kerri Çikaqonun böyük emalatxanalarının birində özü üçün iş tapacaq və bununla hələlik kifayətlənəcəkdir. Hələlik… bir dəyişiklik olana qədər. Əlbəttə, nə kimi dəyişiklik ola biləcəyi haqqında onların heç biri bir şey bilmirdi. Onlar vəzifələrinin yüksələcəyi ümidində deyildilər. Onlar ərə getmək fikrinə də heç bir ümid bağlamırdılar. Lakin Kerrinin şəhərə gəlməsi və özünü ağır əməyə həsr etməsi xatirinə yaxşılığa doğru bir dönüş əmələ gəlməyincə həyat öz qaydası ilə gedəcəkdir. Kerri iş axtarmaq üçün belə bir ürəkverici xeyir-dua ilə səhər evdən çıxdı!
Kerrini izləməkdən əvvəl gəlin onun gələcək həyatının keçəcəyi şərait ilə tanış olaq. O illərdə Çikaqo sürətlə inkişaf edən şəhərin bütün xüsusiyyətlərinə malik idi. Buraya gəlməyə cəsarət edən qızları belə müvəffəqiyyət gözləyirdi. Çikaqo insanların qarşısında geniş imkanlar açan çoxlu və durmadan inkişaf edən ticarət müəssisələri ilə gurultulu şöhrət qazanmışdı. O, ümidlərlə dolu olanları, yaxud ümidini itirənləri, karyera qazanacaq adamları və başqa bir yerdə fəlakətə uğramışları ölkənin hər tərəfindən özünə çəkən bir maqnit olmuşdu.
O, yarım milyondan çox əhalisi olan böyük bir şəhər idi, lakin onun şöhrəti, cəsarəti və qaynayan fəaliyyəti milyon əhalisi olan bir şəhərə kifayət edərdi. Hələ indi onun küçələri və evləri yetmiş beş mil ətrafa yayılmışdı. Onun əhalisi müəyyən istehsalat növlərindən çox, yeni insan kütləsi axını üçün zəmin hazırlayan fəaliyyətlə məşğul idi. Hər tərəfdə yeni tikilən binalardan çəkiclərin səsi eşidilirdi. Yeni, böyük zavodlar yaranırdı. Şəhərin böyük gələcəyini əvvəldən başa düşmüş qüvvətli dəmir yol birləşmələri, nəqliyyat və yük daşımaq məqsədilə geniş yer sahələri əldə etmişdilər. Şəhər ətrafının sürətli inkişafı üçün tramvay xətləri uzaqlara, boş səhralara çəkilmişdi. Şəhər bələdiyyə idarəsi bir çox millərlə uzanan yollara daş döşəmiş, yalnız gələcək gurultulu kvartallarının elçisi olan təkcə bir evin durduğu yerlərə də kanalizasiya boruları çəkmişdi.
Çox vaxt yağış və tufanların döyəclədiyi açıq, boş yerlərdə bütün gecəni göz qırpan qaz fənərlərinin uzun sıralarını görmək olurdu. Bu qaz fənərlərinin alovlu dilləri külək altında titrəyirdi. Ensiz taxta səkilər burada bir evin, orada bir dükanın qabağından keçərək uzaqda, açıq çöldə qurtarırdı.
Şəhərin mərkəzi ticarət kontorlarının və fabriklərin toplaşdığı böyük bir rayon idi. Qazanc axtaran təcrübəsiz adamlar hər şeydən əvvəl adətən bura gəlirdilər. O zamanki Çikaqonun xüsusiyyəti ondan ibarət idi ki, (bu xüsusiyyət böyük şəhərlərin hamısında yoxdur) az-çox görkəmli firmalar ayrıca binada yerləşmişdilər. Boş yerlərin çox olması buna tamamilə imkan verirdi, buna görə də birinci mərtəbədə yerləşmiş kontorları küçədə görünən toplu mal satan firmalar çox samballı görünürdülər. İndi adi olan çox iri aynabənd pəncərələr o zaman yenicə moda düşürdü və aşağı mərtəbədə yerləşən kontorlara qəşəng və zəngin görkəm verirdi. Küçədən keçənlər bu pəncərələrdən cilalanmış ağacdan və tutqun şüşələrdən düzəlmiş arakəsmələri, öz işi ilə məşğul olan çoxlu qulluqçuları, zərif kostyumlar, bəmbəyaz köynəklər geyinmiş, salonlarda gəzişən, yaxud qrupla oturan iş adamlarını görə bilərdilər. Dördguşəli yonma daşlarla bəzənmiş divarda tunc, yaxud nikeldən qayrılan cilalanmış parlaq lövhə üzərində qısa və aydın surətdə müəssisənin adı və fəaliyyət xarakteri qeyd edilirdi. Mərkəzə baxdıqda adama elə gəlirdi ki, paytaxtdadır – onun görkəmi o qədər təsirli idi. Bu görkəm sadə adamı çaşdırmaq, dərin dəhşətə salmaq, yoxsul ilə varlı arasında uçurumun bütün genişliyini və dərinliyini göstərmək üçün idi.
Cəsarətsiz Kerri də bu mühüm ticarət rayonuna yollandı. O, çay kənarında qurtaran saysız-hesabsız mal və kömür anbarları ilə əvəz olunub getdikcə öz əzəmətini itirən kvartallardan keçərək, Van-Büren-strit küçəsi ilə şərqə tərəf gedirdi.
Kerri tezliklə iş tapmaq arzusu ilə cəsarətlə irəliləyirdi. Lakin o hər addımda dayanıb qarşısında açılan mənzərəyə baxır, ona bu qədər sirli görünən əzəmət və qüvvət əlamətləri içərisində öz acizliyini hiss edirdi. Bu böyük binalar nədir? Bu qəribə müəssisələrdə nə ilə məşğul olurlar, nə hazırlayırlar? O, Kolumbiya-sitidə bu, ya başqa şəxsin sifarişilə kiçik mərmər parçalarını yonub hazırlayan kiçik daşyonan emalatxananın nə üçün mövcud olduğunu anlaya bilərdi, lakin o, inşaat üçün bəzək daşları hazırlayan böyük firmanın ucu-bucağı olmayan həyətlərini, burada üzərində yük platformaları hərəkət edən çoxlu relsləri, çay tərəfdə gəmi təmiri emalatxanalarının başı üzərində guruldayan yükqaldıran kranları gördükdə bunlar ona qəribə gəldi, çünki onun balaca dünyasına çox yabançı idi.
Nəhayətsiz dəmir yol depoları da, çayda toplanmış gəmilər də, o biri sahildə yerləşən fabriklər də onun üçün anlaşılmaz idi. Açıq pəncərələrdən önlüklü kişilərin və qadınların o tərəf-bu tərəfə qaçışdığını görürdü. Uzun küçələr onun üçün ikiqat divarla hasarlanmış sirlər dünyası, kontorlar isə nüfuzlu centlimenlər haqqındakı təsəvvürlə əlaqədar olan əcayib bir şey kimi görünürdü. Ona elə gəlirdi ki, bu kontorlarda əlaqədar olan adamlar ancaq pul sayır, yaxşı geyinir və ekipajlarla gəzirlər. Onların nə satdıqları, nə iş gördükləri və bütün bunların nə məqsəd üçün edildiyi haqqında onun çox dumanlı bir təsəvvürü var idi. Hər şey ona o qədər gözəl, geniş, əlçatmaz görünürdü ki! Kerri ruhdan düşdü və bu gözəl müəssisələrdən birinə girib bir iş, bacaracağı bir iş – nə cür iş olur-olsun fərqi yox idi – istəməli olduğunu fikirləşdikdə ürəyi sıxılırdı.
III FƏSİL
BİZ TALEYİMİZİ SINAYIRIQ. HƏFTƏDƏ DÖRD YARIM DOLLAR
Kerri çayın o tərəfindəki toplu satış firmaları rayonuna düşdükdə hansı qapıdan girməyi qət etmək məqsədilə ətrafa göz gəzdirməyə başladı. O, böyük pəncərələri və iri lövhələri nəzərdən keçirərkən adamların ona diqqət yetirdiklərini hiss etdi. Kerri bunun səbəbini anladı: hamı onun iş axtardığını başa düşmüşdü! O bu işlə heç vaxt məşğul olmamışdı, ona görə də indi hamının onun iş axtarmaq üçün veyilləndiyini görməsi fikrindən doğan mənasız utancaqlığını boğmaq üçün cəsarəti çatmırdı. Kerri daha sürətlə addımladı, sifətinə laqeyd bir ifadə verməyə çalışdı, çünki ona elə gəlirdi ki, müəyyən bir iş dalınca gedən adamların sifətində belə ifadə olur. Bu qayda ilə o heç birinə baş çəkmədən bir çox fabrik və ticarət firmalarının yanından keçdi. Nəhayət bir neçə kvartal getdikdən sonra o anladı ki, bu cür etsə heç bir iş tapa bilməyəcək və addımlarını yavaşıtmadan yenidən münasib bir lövhə axtarmağa başladı. Çox keçmədən Kerri böyük bir qapı gördü, bu qapı nədənsə diqqətini cəlb etdi. Onun üzərində mis lövhə var idi, adama elə gəlirdi ki, bu altı və ya yeddimərtəbəli nəhəng bir arı pətəyinin giriş yoludur. “Ola bilsin ki, burada işçi qadınlar lazımdır” – deyə Kerri düşündü. O, küçəni keçib qapıya tərəf yönəldi. Qapıya yaxınlaşdıqda pəncərədən dama-dama boz parçadan kostyum geymiş cavan bir oğlan gördü. Əlbəttə, Kerri bu adamın həmin müəssisəyə nə kimi münasibəti olduğunu bilmirdi, lakin oğlan təsadüfi olaraq Kerriyə tərəf baxdığı üçün qız davam gətirməyib utana-utana, tələsik qapının yanından keçib getdi.
Küçənin o biri tərəfində “Storm və Kinq” lövhəsi olan altımərtəbəli bir bina yüksəlirdi. Bu binanı gördükdə Kerridə bir ümid doğdu. Bura, onun kimi qadınlar işləyən toplu parça satışı firması idi. Yuxarı mərtəbələrin pəncərələrində ara-sıra qadın fiqurları görünürdü. Kerri necə olursa-olsun içəri girmək qərarına gəldi. O, küçəni keçərək bir başa qapıya doğru yollandı. Lakin elə bu zaman oradan iki işçi çıxıb qapıda dayandı. Teleqraf kontorunun göy formalı teleqraf paylayanı Kerrinin yanından ötüb pilləkənlərlə yuxarı qaçdı və binanın içində gözdən itdi. Səkini doldurmuş çaxnaşan izdihamdakı adamlardan bir neçəsi qızın yanından ötüb keçdilər. O, yerində durub yazıq-yazıq ətrafına baxdı, birdən adamların ona göz yetirdiyini görüb utanaraq geri çəkildi. Məsələ çox çətin idi. O, özünə ürək verib, qapıda duranların yanından keçib gedə bilmədi.
Bu ağır məğlubiyyət Kerrinin əhvalını pozdu. Ayaqları onu ixtiyarsız qabağa aparır, lakin atdığı hər addımla o sanki könüllü olaraq geri çəkilirdi. Kvartal kvartalın ardınca geridə qalırdı. O, yol ayrıclarındakı fənərlərin üstündə küçələrin adlarını oxuyurdu: Medison, Monro, La-Sal, Klark, Dirborn, Steyt. Kerri hey irəliləyirdi, onun ayaqları səkinin iri tava daşları üstündə gəzməkdən yorulmağa başlamışdı. Bununla belə küçələrin belə işıqlı və təmiz olması onun xoşuna gəlirdi. Səhər günəşi parlaq işıq saçır və bir az da yandırırdı, lakin küçələrin kölgə tərəfində xoş bir sərinlik vardı. Qız başı üzərindəki mavi səmaya baxdı və onun gözəlliyini nədənsə yeni bir tərzdə, xüsusi olaraq dərindən dərk etdi.
Kerri öz cəsarətsizliyindən ümidsizləşməyə başladı. O geri dönərək yenidən “Storm və Kinq” firmasını tapmaq və oraya girmək qərarına gəldi. Yolda böyük toplu ayaqqabı satışı firmasına rast gəldi. Kerri böyük aynalı pəncərədən müdirin kabinetini gördü: kənar adamların görməməsi üçün kabinetin şüşələri ağ rənglə boyanmışdı. Arakəsmənin o tərəfində, küçə qapısının lap yaxınlığında çalbaş bir centlmen oturmuşdu, onun qabağında açıq, qalın bir kitab var idi. Kerri qətiyyətsizliklə bir neçə dəfə qapının yanından keçdi, nəhayət heç kəsin ona baxmadığını yəqin etdikdən sonra qapıdan içəri sivişdi və utana-utana stolun qabağında durdu.
– Nə buyurursunuz, xanım qız? – deyə qoca centlmen soruşdu və mehribanlıqla qıza baxdı:
– Mən… yəni siz… demək istəyirəm ki, sizdə iş olmazmı? – deyə Kerri dili tutula-tutula soruşdu.
– Bu saat yox, – deyə centlmen təbəssümlə cavab verdi. – Bu saat yox! Gələn həftə gəlin. Bəzən bizə adam lazım olur.
Kerri cavabı sakitcə dinlədi və karıxmış halda dalın-dalın çəkilərək çıxdı. Bu cür nəzakətlə qəbul edilməsi bir qədər onu təəccübləndirdi. O, elə hesab edirdi ki, daha pis olacaq, kobud və soyuq sözlər eşidəcək, – kim bilir daha nələr ola bilərdi? Təhqir edilməməsi, öz rəzil vəziyyətinin hiss etdirilməməsi ona qəribə görünürdü.
Kerri bir qədər ruhlanaraq başqa bir iri binaya girməyə cürət etdi. Burada hazır paltar firması yerləşirdi. Görünür, bu firmada adam daha çox idi. Yaxşı geyinmiş qırx və daha çox yaşı olan kişilər bürünc arakəsmələrin arxasında dayanıb, nə barədə isə söhbət edirdilər.
Kerri içəri girən kimi bir oğlan ona yanaşıb soruşdu:
– Sizə kim lazımdır?
– Mən müdiri görmək istəyirəm, – deyə Kerri cavab verdi.
Oğlan qaçıb Kerrinin sözlərini ondan bir qədər aralıda durub söhbət edən üç centlmenin birinə dedi. Həmin adam qıza tərəf yönəlib:
– Nə istəyirsiniz? – deyə soyuq bir tərzdə soruşdu.
Onun səsinin ahəngi o saat Kerrinin bütün qətiyyətini qırdı.
– Sizə işçi lazım deyil ki? – deyə Kerri mızıldandı.
– Yox! – deyə müdir qəti cavab verdi və dabanları üstə dönüb getdi.
Özünü tamamilə itirmiş Kerri oğlanın onun çıxması üçün nəzakətlə açdığı qapıya tərəf yönəldi. O, tezliklə küçədəki izdihama qarışmaq istəyirdi. Onun bir az əvvəlki yüksək əhval-ruhiyyəsinə ağır zərbə endirilmişdi.
O bir müddət zəngin ticarət kontorlarının yanından gah o tərəfə, gah da bu tərəfə keçərək boş-boşuna veylləndi, lakin təklifini təkrar etməyə cəsarəti çatmadı.
Günorta oldu, Kerri acmışdı. O, ucuz bir restoran tapıb içəri girdi, lakin qorxu hissi ilə anladı ki, qiymətlər onun cibinə görə deyildir. Onun ancaq bir boşqab şorba almağa imkanı var idi. Kerri şorbanı tez yeyib küçəyə çıxdı. Hər halda bu şorba onu bir qədər doyuzdurdu və ona iş axtarmağa davam etdirmək üçün qüvvət verdi.
Hara gedəcəyini bilmədən, bir neçə kvartal getdikdən sonra Kerri yenidən “Storm və Kinq” firmasının qarşısında durdu və bu dəfə özünü içəri girməyə məcbur etdi. Bir neçə centlmen ondan iki-üç addım kənarda durub nə barədə isə danışırdı. Lakin onlardan heç biri Kerriyə fikir vermədi. O, əsəbi halda gözlərini döşəməyə dikərək dayandı. O gəldiyinə tamam peşman olmuşdu ki, arakəsmənin o tərəfindəki saysız-hesabsız stollardan birinin arxasında oturmuş xidmətçi səsləndi:
– Kimi istəyirsiniz?
– Kim olur-olsun, mənim üçün fərqi yoxdur, – deyə Kerri cavab verdi, – mən iş axtarıram.
– Onda siz mister Mak-Manusu görməlisiniz, – deyə xidmətçi cavab verdi, sonra: – Buyurun əyləşin, – deyə əlavə etdi və divarın yanındakı stulu göstərdi.
O yenidən yavaş-yavaş yazmağa başladı. Küçədən qısa boylu, yoğun bir adam içəri girdi.
– Mister Mak-Manus! – deyə xidmətçi onu səslədi. – Bu gənc xanım sizi görmək istəyir.
Qısa boylu centlmen qıza tərəf döndü. Kerri ayağa qalxaraq ona yaxınlaşdı. O açıq hiss olunan maraqla qızı nəzərdən keçirtdi və soruşdu:
– Mənə aid qulluğunuz, miss?
– Sizdə bir iş tapılmazmı?
– Nə cür iş?
– Nə cür olursa-olsun, – deyə Kerri dili dolaşa-dolaşa cavab verdi.
– Toplu parça satmaq işində az-çox təcrübəniz varmı?
– Yox, ser!
– Elə isə bizdə sizin üçün heç bir iş yoxdur… Biz ancaq ixtisaslı adamları işə götürürük.
Kerri qapıya tərəf çəkilməyə başladı, lakin onun üzündəki zavallılıq ifadəsi mister Mak-Manusa təsir etdi. O:
– Siz ümumiyyətlə heç qulluq etmişsinizmi, – deyə soruşdu.
– Yox, ser!
– Onda siz bizimki kimi toplu satış firmalarında çox çətin iş tapa bilərsiniz. Siz universal mağazaya getməmişsiniz ki?
Kerri etiraf etdi ki, bunu etməmişdir.
O, mehribancasına, qıza baxaraq dedi:
– Mən sizin yerinizdə olsaydım, hər şeydən əvvəl bəxtimi universal mağazalarda sınayardım – orada çox vaxt sizin kimi qızları axtarırlar.
Xoş rəftardan canlanmış Kerri:
– Təşəkkür edirəm, – dedi.
Geri qapıya tərəf gedərkən Mak-Manus:
– Bəli, siz öz taleyinizi mütləq universal mağazalarda sınamağa cəhd edin, – deyə təkrar etdi və uzaqlaşdı.
O zaman universal mağazalar hələ yenicə yaranırdı, onların sayı çox az idi. Birinci üç universal mağaza Birləşmiş Ştatlarda Çikaqo şəhərində təqribən 1884-cü ildə açılmışdı. Kerri qəzetlərdə olan elanlardan bu mağazaların bəzilərinin adını bilirdi və indi bu mağazaları axtarmağa başladı. Mister Mak-Manusun sözləri onun sönməkdə olan qətiyyətini yenidən özünə qaytarmışdı: qız bu mağazalarda ona da bir yer tapılacağı ümidilə canlandı.
O, təsadüfi olaraq belə binaların birinə rast gəlmək ümidilə uzun müddət küçələri dolaşdı. Adam çətin, lakin zəruri olan yolla gedərkən təkcə axtarışın özündən nə qədər həzz alır!
Nəhayət, o polismenə müraciət etdi, o da “Bazar”ın bundan iki kvartal o yana olduğunu bildirdi.
Bu nəhəng pərakəndə ticarət kombinatlarının təsviri – bir vaxt onlar səhnədən çıxarsa – ölkəmizin iqtisadi inkişaf tarixində maraqlı bir fəsil təşkil edəcəkdir. Bu vaxta qədər dünyanın heç yerində və heç bir zaman bu sadə ticarət növü indiki qədər inkişaf etməmişdir. Bu cür kombinatlar pərakəndə satışdan daha səmərəli istifadə etmək məqsədilə yaradılmış və hər biri ən mühüm iqtisadi mülahizələr əsasında birləşdirilmiş yüzlərlə mağazadan ibarət idi. Bir yığın rəis tərəfindən idarə edilən böyük satıcılar ordusuna malik olan bu gözəl, gurultulu mağazalar müvəffəqiyyətlə inkişaf etməkdə idi.
Kerri bəzək-düzək, qiymətli şeylər, paltar, yazı ləvazimatı sərgisinə baxa-baxa alıcılarla dolu olan keçidlərlə yavaş-yavaş irəliləyirdi. Hər bir yeni piştaxta onun qarşısında gözqamaşdırıcı və maraqlı bir mənzərə açırdı. Kerri hər bir bəzək-düzəyin, hər bir qiymətli şeyin cəzbedici qüvvəsini hiss etməyə bilməzdi, lakin buna baxmayaraq, heç bir yerdə dayanmırdı. Burada olan hər şey ona lazım idi və onlara sahib olmaq istəyirdi. Gözəl çəkmələr, corablar, zərif qırçınlı yubkalar, qurcuvalar, lentlər, daraqlar, balaca çantalar – hər şey Kerridə onlara sahib olmaq arzusu oyadırdı. Kerri çox yaxşı başa düşürdü ki, bunlardan heç birini almağa onun gücü çatmaz. O, bir tikə çörək axtarırdı; o səfildi, işsizdi, hər bir satıcı onun qazanca ehtiyacı olan bir dilənçi olduğunu ilk baxışda duya bilərdi.
Lakin Kerri heç də soyuq, qənaətcil, gözəllikdən məhrum dünyaya gözlənilmədən atılmış, hər şeydən mütəəssir olan əsəbi bir qıza bənzəmirdi. Yox, o şübhəsiz ki, belə deyildi. Lakin geyimlərindəki nöqsanlar qadınları həmişə çox ağrıdır.
Kerri qadın tualetinə məxsus bütün bu yeni və gözəl şeylərə qarşısı alınmaz bir meyl duyur, onu itələyərək irəli soxulan, mağazada gördükləri hər şeyi acgözlüklə qiymətləşən, ona azacıq da olsun fikir verməyən qəşəng geyimli qadınlara ürək ağrısı ilə baxırdı. Kerri ona nisbətən daha xoşbəxt olan bacılarının – bu böyük şəhərin daimi sakinlərinin – zahiri siması ilə hələ tanış deyildi. O, böyük mağazaların satıcıları haqqında da indiyə kimi heç bir təsəvvürə malik deyildi, bu satıcılarla müqayisədə Kerri öz-özünə çox miskin göründü. Satıcıların çoxusu qəşəng, hətta gözəl qızlar idi, onların hamısı sərbəst və laqeyd görkəmli idilər ki, bu da daha qəşəng olanlarına xüsusi bir cazibədarlıq verirdi. Onlar yaxşı, hətta çox qəşəng geyinmişdilər və Kerri onlarla göz-gözə gəldikdə dərhal başa düşürdü ki, onu çox ciddi tənqid edirlər. Bu qızlar, görünür, sözsüz onun tualet və hərəkətlərində olan və kim olduğunu hər kəsə sözsüz bildirən nöqsanları açıqca mühakimə edirdilər. Kerrinin qəlbində həsəd alovu baş qaldırdı. O, böyük şəhərin özündə nə qədər çox cazibəli şeylər: var-dövlət, zinət, rahatlıq – qadını qəşəng göstərə bilən hər şey gözlədiyini dumanlı halda anlamağa başlamışdı. O, gözəl paltarlara, bütün gözəl şeylərə özündə əzablı bir meyl duydu.
Universal mağazanın kontoru ikinci mərtəbədə idi. Kerri adamlardan kontorun harada olduğunu soruşdu, ona oraya necə getmək lazım olduğunu göstərdilər. Orada Kerridən qabaq gəlmiş bir neçə qız da var idi. Doğrudur, bu qızlar da iş axtarırdılar, lakin onlarda böyük şəhər sakinlərinə məxsus müstəqillik və inam hiss olunurdu. Onlar Kerrini həyasızcasına süzməyə başladılar. Bir-birinin ardınca onları danışmağa çağırırdılar. Bir saata qədər gözləyəndən sonra Kerriyə də növbə çatdı.
– Hə, – deyə pəncərənin qabağında qoyulmuş isveç stolunun arxasında oturan cəld hərəkətli gənc yəhudi sözə başladı. – Siz heç mağazada işləməmisiniz?
– Yox, ser, – deyə Kerri etiraf etdi.
Yəhudi ona diqqətlə baxaraq ucadan dedi.
– Deməli, işləməmisiniz?
– Yox, ser, – deyə Kerri təkrar etdi.
– Hm! Bizə bir qədər təcrübəsi olan satıcı qadınlar lazımdır. Mən zənn edirəm ki, siz bizim işimizə yaramazsınız.
Kerri söhbəti qurtarıb-qurtarmadığını bilmədiyi üçün bir dəqiqə dayandı. O:
– Siz nahaq yerə gözləyirsiniz! – sözlərini eşitdi. – Unutmayın ki, bizim işimiz çoxdur.
Kerri cəld qapıya doğru yönəldi.
– Dayanın, – deyə gənc adam onu saxladı. – Siz adınızı və ünvanınızı bizə verin. Bəzən bizə sizin kimi qızlar lazım olur.
Nəhayət, Kerri küçəyə çıxarkən gözləri yaşla doldu – bu yaşlar sonuncu soyuq qəbuldan deyil, ümumiyyətlə bütün gün ərzində onun mənliyi üçün ağır olan təəssüratdan doğurdu. O çox yorulmuş və əsəbiləşmişdi. O indi, bu saat başqa bir mağazaya müraciət etmək fikrindən əl çəkib gəzməyə başladı. Kerri nədənsə özünü adamların arasında daha sakit və təhlükəsiz hiss edirdi.
Kerri şəhərdə boş-boşuna gəzərək çayın yaxınlığında olan Cekson-stritə döndü və qaynayan küçənin cənub tərəfilə ağır-ağır gəzməyə başladı. Birdən onun gözünə “İşçi qadınlar tələb olunur” sözləri yazılmış qapıya vurulmuş bir kağız parçası sataşdı.
Kerri bir qədər tərəddüdlə dayandıqdan sonra içəri girdi.
Uşaq şlyapaları hazırlayan “Şpaygelxaym və K” firması binanın birinci mərtəbəsini tutmuşdu. Eni əlli fut, uzunu səksən fut olan bu yarıqaranlıq bina maşınlar və iş stolları ilə doldurulmuşdu, binanın yalnız ən qaranlıq künclərində elektrik lampaları yanırdı. Burada çoxlu qadın və bir neçə kişi işləyirdi. Qızların üst-başları tam tozlu, üzləri yağlı idi, əyinlərinə torba kimi duran nazik paltarlar geymişdilər, hamısının ayaqqabıları köhnə idi. Bir çoxlarının çırmanmış arıq qolları görünürdü. Bəziləri də havanın ağırlığından yaxalarını açmışdılar. Onların pis geyimlərindən həmişə ağır havada qaldıqları üçün solğunlaşmış bənizlərindən çox az əmək haqqı aldıqlarını bilmək çətin deyildi. Lakin onlar qətiyyən utancaq deyildilər, maraq hissi onlarda bulaq kimi qaynayırdı.
Kerri ətrafına baxdı. O, tamam həyəcan içərisində idi, ona aydın idi ki, o burada işləmək istəmir. Əgər burada olanların onu həyəcanlandıran gözaltı baxışları hesaba alınmazsa, heç kəs ona xüsusi diqqət yetirmirdi. Nəhayət qız, emalatxanadakı adamların hamısı onun burada olduğunu görüncəyə qədər gözlədi. Yalnız bu zaman kimsə ustaya xəbər verdi: o önlükdə, pencəksiz, köynəyinin qolları çiyinlərinə qədər çırmalanmış halda gəldi:
– Siz məni görmək istəyirsiniz? – deyə o soruşdu.
Birbaşa işə girişməyin daha yaxşı olduğunu artıq anlamış Kerri:
– Sizə işçi lazım deyil ki? – deyə səsləndi.
– Siz uşaq papağı tikməyi bacarırsınızmı?
– Yox, ser!
– Ümumiyyətlə bu cür işlərdə sizin az-maz təcrübəniz varmı?
Kerri mənfi cavab verdi.
– Hm! – eləyərək usta fikirli halda qulağının ardını qaşıdı. – Bilirsinizmi, bizə işçi lazımdır. Lakin biz təcrübəli işçi götürmək istəyirik. Təcrübəsiz işçiləri öyrətməyə bizim vaxtımız yoxdu.
O susdu və pəncərəyə tərəf döndü. Bir qədər fikirdən sonra əlavə etdi:
– Hər halda biz sizi bəzək vurmaq işinə qoya bilərik.
– Siz həftədə nə qədər verirsiniz? – deyə Kerri soruşmağa cəsarət etdi, çünki bu adamın yumşaqlığı və onun söhbətinin sadəliyi qıza bir qədər ürək vermişdi.
– Üç yarım dollar, – deyə usta cavab verdi.
Kerri az qaldı ki, bir “ah” çəksin, lakin özünü vaxtında saxladı.
Usta etinasızlıqla:
– Bizim bu saat işçi qüvvəsinə çox da ehtiyacımız yoxdur. O, Kerrini elə süzürdü ki, sanki onun qarşısında dayanan canlı adam deyil, bir əşya idi və: – Bazar ertəsi səhər gələ bilərsiniz. Mən sizi işə qoyaram, – deyə əlavə etdi.
Kerri güclə eşidiləcək bir səslə:
– Təşəkkür edirəm, – deyə bildi.
Usta:
– Gəlsəniz özünüzlə önlük də gətirin, – dedi.
O, Kerrini liftin yanında qoyub, hətta onun adı ilə belə maraqlanmadan çıxıb getdi.
Emalatxananın xarici görünüşü və cüzi zəhmət haqqı Kerrinin parlaq ümidlərinə zərbə endirdisə də bir çox müvəffəqiyyətsizlikdən sonra iş tapması onu bir qədər canlandırdı. Qızın iddiaları nə qədər kiçik olsa da o burada işləyəcəyini təsəvvür edə bilmirdi. Hər halda bundan yaxşı yaşamağa adət etmişdi. Onun azad havada keçmiş uşaqlığı bu tutqun və çirkli divarlara qarşı üsyan edirdi. O heç bir zaman çirk içərisində yaşamamışdı. Bacısının evi təmiz idi. Amma bura nə qədər çirkli idi! Binanın tavanı alçaq idi, qızlar səliqəsiz geyinmişdilər, həm də görünür, acıqlı idilər. Yəqin, bədxah, kinli adamlardır, – deyə Kerri qət etdi. Ancaq buna baxmayaraq hər halda ona iş təklif edirlər! Doğrusu, əgər burada birinci gün iş tapmaq mümkünsə, Çikaqo o qədər də sərt deyildir. Sonra o özü üçün başqa, daha yaxşı bir iş axtarıb tapa bilər.
Lakin sonrakı axtarışlar heç bir nəticə vermədi. Kerriyə az-çox xoş görünən yerlərdə o dərhal soyuqcasına rədd olunurdu. Başqa yerlərdə ancaq təcrübəli işçi tələb olunurdu. Kerri dəfələrlə çox kobudcasına qarşılanmışdı, lakin o, hazır paltar fabriklərinin birində iş olub-olmadığını bilmək üçün dördüncü mərtəbəyə çıxdığı zaman xüsusilə ağır cavab aldı.
Pis işıqlandırılmış emalatxanada ağalıq edən enlikürək usta ona bağırdı:
– Yox, yox! Bizə heç kəs lazım deyil. Nahaq yerə buralara soxulmayın!
Gün yavaş-yavaş sönüb gedir, onunla bərabər yavaş-yavaş Kerrinin də ümidləri, qətiyyəti və enerjisi əriyib gedirdi. Qız qəribə bir inad göstərmişdi. Belə böyük səy yaxşı mükafata layiq idi. Şəhərin böyük ticarət rayonu yorulub əldən düşmüş Kerriyə ucsuz-bucaqsız insanlara qarşı tamamilə laqeyd, yabanı görünürdü. Kerriyə elə gəlirdi ki, bütün qapılar onun üzünə bağlıdır, qabaqda onu amansız bir mübarizə gözləyir və onun burada bir şey əldə edəcəyinə heç bir ümid yoxdur. Qadınlar və kişilər arası kəsilməyən cərgələrlə onun yanından ötüb gedirdilər. Kerri ətrafında rəngarəng həyatın nəbzinin şiddətlə vurduğunu hiss edir, öz acizliyini duyur, bu ümumi axında əhəmiyyətsiz bir çöp olduğunu tutqun surətdə başa düşürdü. O, müraciət etmək üçün nahaq yerə ətrafı nəzərdən keçirirdi, lakin elə bir qapı tapmırdı ki, içəri girməyə cəsarət etsin. Axı hər yerdə eyni şey təkrar olunacaqdı, yenə o alçalacaq, xahiş edəcək, əvəzində isə qısaca rədd cavabı alacaqdı.
Kerri ruhən və cismən yorulmuş halda qərbə – Minninin evinə tərəf döndü, onu bütün günü boş-boşuna iş axtaran adamı qaranlıq düşərkən bürüyən bir ruh düşkünlüyü və ümidsizlik sarmışdı. Beşinci avenüdən keçib konkaya minmək məqsədilə Van-Büren-stritə gedən yola çıxarkən Kerri böyük bir ayaqqabı fabrikinə rast gəldi. O, fabrikin aynalı pəncərələrinin birindən kiçik stol arxasında oturmuş orta yaşlı bir centlmen gördü. Kerri bəzən öz məğlubiyyətini anlamış adamlarda əmələ gələn gözlənilməz bir təkana tabe olaraq, qətiyyətlə içəri girib centlmenə tərəf yönəldi. O, Kerrinin yorğun üzünə diqqət edərək bir qədər maraqla qıza baxdı.
– Nə olub?
– Siz mənə bir iş verə bilməzsinizmi? – deyə Kerri soruşdu.
– Doğrusu, bilmirəm – deyə centlmen xeyli nəzakətlə cavab verdi. – Siz nə cür iş axtarırsınız? Siz təsadüfən kağız üzü köçürən deyilsiniz ki?
– Yox, – deyə Kerri cavab verdi.
– Bilirsinizmi, bizə ancaq hesabdarlar və kağız üzü köçürənlər lazımdır. Burada biz başqalarını işə götürmürük. Ancaq siz binanın o biri tərəfinə hərlənib yuxarı qalxın, oradan soruşun. Bir neçə gün bundan qabaq orada adam lazım idi. Mister Brauna müraciət edin.
Kerri tez çıxdı və binanın o biri tərəfinə keçib liftlə dördüncü mərtəbəyə qalxdı.
Liftçi yanında duran oğlana müraciətlə:
– Villi, mister Brauna xəbər ver! – dedi.
Villi tezliklə qayıdıb Kerriyə xəbər verdi ki, mister Braun onu gözləməsini xahiş edir, o tezliklə gələcəkdir.
Kerrinin olduğu otaq ambara bitişik idi. Buna görə də o nə bu bina haqqında, nə də adamların burada nə ilə məşğul olduqları barədə bir şey öyrənə bildi.
Mister Braun onun nə üçün gəldiyini bildikdə:
– Demək, siz burada bir iş tapmaq istəyirsiniz? – deyə soruşdu. – Siz əvvəl ayaqqabı fabrikində işləmisinizmi?
– Yox, ser, – deyə Kerri işləmədiyini etiraf etdi.
– Sizin adınız nədir? – deyə Mister Braun soruşdu və cavab aldıqdan sonra davam etdi. – Doğrusu, bilmirəm, məndə sizin üçün bir iş tapılacaqmı? Siz həftədə dörd yarım dollara işləməyə razı olarsınızmı?
Kerri o qədər müvəffəqiyyətsizliyə uğramışdı ki, bu təklif ona çox cazibəli gəldi. Doğrudur, o, həftədə altı dollardan az almayacağını gözləyirdi. Buna baxmayaraq razı oldu.
M-r Braun onun ünvanını yazdı və vidalaşarkən:
– Bazar ertəsi səhər saat 8-də gəlin, – dedi. – Mənə elə gəlir ki, sizə bir iş tapa biləcəyəm.
O getdi və Kerri nəhayət iş tapdığı fikrindən bir qədər canlandı. Qan hərarətli dalğalarla onun bədəninə yayıldı. Əsəbiliyi keçib getdi. O, adamla qaynaşan küçəyə çıxdı və özünün yeni bir mühitə düşdüyünü hiss etdi. Adamlar nə qədər gümrah addımlarla hərəkət edirdi! Kerri ilk dəfə adamların üzündə təbəssüm oyandığını gördü. Onun qulaqlarına arabir söhbətlər və gülüş səsləri dəyirdi. Hava mülayim idi. Gündüz işini qurtarmış adamlar böyük binalardan çıxırdılar. Kerri onların xoşbəxt üzlərini gördü və bacısının onu yeməyə gözlədiyini xatırlayaraq addımlarını yeyinlətdi. Kerri yorulmuşdu, ancaq daha ayaqlarının ağrısını hiss etmirdi. Görəsən Minni nə deyəcəkdi? Onun gözləri qarşısında qış canlanırdı. İşıqlar, şən izdiham, əyləncələr… Hər halda bu nəhəng şəhərdə yaşamaq nə qədər xoşdur. Onun işləyəcəyi firma yəqin ki, samballı müəssisədir. Pəncərələrdə necə də böyük aynalı şüşələr var! O, qulluqda müvəffəqiyyət qazanacaqdı. Qız Drueni və onun qatarda dediklərini xatırladı. Həyat ona çox gözəl, işıqlı, şən görünməyə başladı. Kerri kefi saz halda konka vaqonuna mindi. O, damarlarında qanın necə hərarətlə axdığını hiss edirdi. Çikaqoda yaşayacağı fikri onun beynindən çıxmırdı. O əvvəllərdə olduğundan daha şən yaşayacaqdı. O xoşbəxt olacaqdı!
IV FƏSİL
PUÇA ÇIXMIŞ ARZULAR. HƏQİQƏT İSTEHZA EDİR
İki gün idi ki, Kerri ən şiddətli arzulara qapılmışdı.
O, xəyalən elə zövqlərə və əyləncələrə qərq olmuşdu ki, bunlara ancaq varlı doğulmuş olsaydı nail ola bilərdi. O özünün cüzi həftəlik qazancını – dörd yarım dolları heç bir şey fikirləşmədən səxavətlə hər tərəfə səpələyirdi. Kerri pula heyifsilənmir, alacağı şeyləri tələsik seçirdi. Yatmaqdan qabaq pəncərənin qabağında, yüyürükdə oturub işıqlı küçələrə baxdığı zaman gələcək maaş onun üçün qadın ürəyinin arzu edə biləcəyi bütün zövq və zinətlərə yol açırdı.
“Mən öz vaxtımı şən keçirəcəyəm” – deyə Kerri düşünürdü. Onun bacısı Minni bütün ağıla sığan zövqləri əhatə edən xəyalın bu qarşısı alınmaz uçuşları haqqında heç bir şey bilmirdi. Hansonun arvadı mətbəxin döşəməsini yumaqla və bazar günü yeməyi üçün xərcləyə biləcəyi səksən sentə nə almaq mümkün olduğu fikri ilə bərk məşğul idi.
Kerri özünün ilk müvəffəqiyyətindən həyəcanlanmış halda evə döndüyü və yorğunluğuna baxmayaraq belə müvəffəqiyyətlə nəticələnmiş maraqlı gəzintisini müfəssəl surətdə ardı-arası kəsilmədən müzakirə etməyə hazır olduğu zaman Minni ancaq razılıqla gülümsədi və Kerrinin qazandığının bir hissəsini yola xərcləyib-xərcləməyəcəyini soruşdu. Bu məsələni Kerri nəzərdən qaçırmış olsa da, bu, onun həyəcanını çox da soyuda bilmədi. Kerri xoşbəxt idi. O, elə bir halda idi ki, bu ona bir məbləğdən başqasını çıxmaqla birinciyə çox da ziyan vurmamağa imkan verirdi.
Hanson evə axşam saat yeddidə qayıtdı. Həmişə xörəkdən qabaq olduğu kimi bir az nəşəsiz idi. Adətən bu, onun səsinin ahəngindən və sözlərindən daha çox səssiz hərəkətlərində, üzünü turşudaraq otaqdan-otağa gəzinməsində büruzə çıxırdı. Onun sarı keçədən ayaqqabısı var idi. Hanson evə qayıdan kimi ağır çəkmələrini çıxarıb həvəslə bunları geyər, sonra bir parça adi sabunla üzünü yuyar, dərisini o qədər bərk sürtərdi ki, al qırmızı rəng alır və işıldayardı – bununla axşam yeməyinə hazırlığı qurtarardı. Sonra o, qəzeti götürüb, dərin sükut içərisində oxumağa başlardı.
Hələ gənc olan bu adamın bu cür xasiyyətdə olması Kerrini təəccübləndirirdi. Ailə başçısının əhval-ruhiyyəsi çox vaxt olduğu kimi evin bütün atmosferində əks olunur, arvada əzici təsir göstərir və onu cavabsız qala bilən suallar verməkdən çəkindirir.
Kerrinin müvəffəqiyyətini xəbər verdikdə Hansonun sifəti bir qədər açıldı. O:
– Deməli, siz boş yerə vaxt itirməmişsiniz! – dedi və bu zaman hətta yüngülcə gülümsündü.
– Yox, itirmədim! – deyə Kerri bir qədər qürurla cavab verdi.
Hanson bir-iki sual da verib, uşaqla oynamağa başladı və arvadı stol arxasında həmin məsələyə yenidən toxununcaya qədər bu mövzuya qayıtmadı.
Lakin Kerrini bu ailədə hökm sürən əhval-ruhiyyəyə tabe olmağa məcbur etmək o qədər də asan deyildi.
Kerri sözə başlayaraq:
– Görünür, bu çox böyük firmadır, – dedi. – Onun böyük aynalı şüşələri, çoxlu xidmətçiləri var! Mən danışdığım centlmen dedi ki, onlar çox adam qəbul edirlər.
– İndi abırlı görkəmi olan adam üçün iş tapmaq o qədər də çətin deyil, – deyə Hanson söhbətə qarışdı.
Kerrinin şən əhval-ruhiyyəsindən və ərinin qeyri-adi danışqanlığından həvəslənən Minninin də könlü açıldı və Çikaqonun diqqətəlayiq, daha doğrusu hər kəsin bir elə xərci olmadan baxa biləcəyi yerlərinin gözəlliyindən bacısına danışmağa başladı.
– Miçiqan-avenüyə baxmaq çox maraqlı olar. Orada olduqca gözəl evlər vardır. Qiyamət küçələr!
– Bəs Cekobs teatrı haradadır? – deyə melodram göstərilən teatrlardan birinin adını çəkərək Kerri onun sözünü kəsdi.
– Buradan o qədər də uzaq deyil, – deyə bacısı cavab verdi. – Daha doğrusu lap yaxındadır. Holsted-stritdədir.
– Bu teatra getmək yaman könlümə düşüb. Deyəsən axı bu gün mən o küçədən keçdim.
Təbii görünən bu suala cavab əvəzində balaca bir sükut əmələ gəldi. İnsanın fikirləri onun bütün hərəkətlərinə qəribə bir rəng verir. Teatr haqqında söz düşən kimi stol arxasında oturanların halı dərhal pozuldu. Bu əhval-ruhiyyədə pul xərci tələb edən hər şeyə sözsüz bir narazılıq vardı.
Hanson da, Minni də hər ikisi bir vaxtda bu barədə düşündülər. Minni “hə” deyə cavab verdi, lakin Kerri dərhal başa düşdü ki, teatra getmək məsələsinə burada yaxşı baxmırlar.
Hanson yeməyini qurtardıqdan sonra qəzeti götürüb qonaq otağına gedincəyə qədər bu söhbətə bir daha qayıtmadılar.
Bacılar qabları yumağa başladılar. Onlar tək qaldıqda daha sərbəst söhbətə girişdilər, lakin Kerri ara-sıra söhbəti kəsir, yavaşcadan zümzümə edirdi.
– Mən bir qədər şəhərdə gəzmək və əgər çox uzaqda deyilsə, Holsted-stritə baxmaq istəyirəm, – deyə Kerri bir az sonra qeyd etdi. – Nə üçün biz bu gün teatra getməyək?
– Mən belə zənn edirəm ki, bu gün Sven bir yerə getməz, – deyə Minni etiraz etdi. – O, səhər tezdən durmalıdır.
– Ancaq güman eləmirəm o bunun əleyhinə olsun. Axı bu ona ləzzət verəcək!
– Yox, o, teatra getməyi o qədər də çox sevmir.
Kerri dedi:
– Mən getmək istəyirəm. Gəl ikimiz gedək.
Minni fikrə getdi. Ancaq o, teatra gedib-getməməsi haqqında deyil – buna əvvəldən mənfi cavab hazırlamışdı – bacısının fikrini başqa bir istiqamətə necə dəyişdirmək haqqında düşünürdü.
Nəhayət, Minni başqa bir cavab tapmadığı üçün:
– Bir başqa vaxtda gedərik, – deyə cavab verdi.
Kerri işin nə yerdə olduğunu dərhal başa düşdü.
– Mənim bir qədər pulum var, – deyə o dilləndi. – Gedək mənimlə, Minni!
Minni başını buladı.
– Onu da özümüzlə aparaq, – deyə Kerri əlavə etdi.
– Yox, – deyə Minni yavaşca cavab verdi və söhbəti kəsmək üçün qabları cingildətdi, – o getməz.
Bacılar bir neçə il görüşməmişdilər, bu müddət ərzində Kerrinin xasiyyətində nə isə bir yenilik əmələ gəlmişdi. Onda elə bir təbii cəsarətsizlik, utancaqlıq var idi ki, bu hər dəfə özünün yaxşı yaşaması üçün mübarizə apardığı və xüsusən bu mübarizəyə kifayət qədər qüvvə və vəsaiti olmadığı zaman aşkara çıxardı, lakin onda hər cür əyləncələrə və zövqlərə qarşı böyük həvəs də vardı və bu onun xasiyyətinin əsas xüsusiyyətlərindən biri idi. O, hər barədə olursa olsun susa bilərdi, ancaq bu məsələdə yox.
– Sən bir ondan soruş, – deyə Kerri yalvarışla bacısına pıçıldadı.
Minni isə bacısının qazancının onlara verəcəyi əlavə vəsait haqqında düşünürdü. Bu pullar onların ev kirayəsinə gedəcək və hər dəfə əri ilə xərclər haqqında danışmaq onun üçün o qədər ağır olmayacaqdı. Lakin Kerri indidən əyləncə axtarırsa, deməli, gec-tez o, pul məsələsində iflasa uğrayacaqdır. Əgər bacısı onların daimi çalışqanlığa əsaslanan həyatlarının möhkəm qaydalarına tabe olmasa, bu əyləncələri başından çıxarıb inadla çalışmasa Kerrinin şəhərə gəlməsinin onlara nə xeyri olacaqdır? Bu fikirlər heç də onun soyuq qənaətçilik xasiyyətindən irəli gəlmirdi. Bu yorulmaz zəhmət nəticəsində bu yaranmış həyat şəraitinə həmişə şikayətsiz alışan ciddi bir adamın sadə mühakiməsi idi.
Nəhayət, Minni güzəştə getdi və Hansondan soruşmaq qərarına gəldi. Ancaq, o bunu həvəssiz etdi və bacısının fikri ilə şərik olduğunu heç bir işarə ilə bildirmədi.
Minni başını kişisinin oturduğu otağa soxaraq:
– Kerri bizi teatra dəvət edir, – dedi.
Hanson qəzetdən gözünü ayırdı. Onun Minniyə baxan gözləri “bu heç də biz gözlədiyimiz olmadı” ifadəsini sözdən də aydın bildirirdi.
– Mənim getməyə həvəsim yoxdur, – deyə o dilləndi. – Kerri nəyə baxmaq istəyir?
– O Cekobs teatrına getmək istəyir.
Hanson rədd cavabı olaraq başını bulayıb, yenidən qəzet oxumağa girişdi.
Kerri ər-Arvadın onun təklifinə necə yanaşdığını gördükdə bu adamların necə yaşadıqlarını tam aydınlığı ilə dərk etdi. Bu ona əzici təsir göstərdi, lakin qəti etiraz oyatmadı.
Kerri:
– Mən aşağı düşüb qapıda durmaq istəyirəm, – dedi.
Minni etiraz etmədi, Kerri şlyapasını geyib evdən çıxdı. Qapı səsini eşidib, yemək otağına gələn Hanson soruşdu:
– Kerri hara getdi?
– O dedi ki, aşağı düşüb qapıda duracaqdır, – deyə Minni cavab verdi. – Yəqin ki, o təmiz hava almaq istəyir.
– Mənə elə gəlir ki, o bütün teatrları-filanı yadından çıxarmalıdır. Onlara pul xərcləməyi heç ağıla gətirmək belə lazım deyil!
Minni:
– Bu, yəqin ki, sadəcə maraqdan irəli gəlir, – deməyə cəsarət etdi. – Burada hər şey ona yeni görünür.
– Hm, bilmirəm, – deyə Hanson mızıldandı və azca qaş-qabağını sallayaraq uşağın yanına keçdi.
O, gənc qızların nə qədər şöhrətpərəst və bədxərc olduqları haqqında düşünür və Kerrinin bu qədər az bir qazancla belə şeylər haqqında necə düşündüyünə belə təəccüb edirdi.
Şənbə günü Kerri yenə şəhərə getdi. Qız əvvəlcə onu maraqlandıran çaya doğru yollandı və sonra oradan hər birinin qabağında yaşıl çəmənlik olan gözəl evlər salınmış (bu çəmənlik sonralar bu yerlərin bulvara çevrilməsinə imkan vermişdi) Cekson-strit küçəsi ilə geri qayıtdı. Kerri bu zənginliyə heyran qalmışdı, halbuki bu küçədə çox guman ki, yüz min dollardan artıq pulu olan bir nəfər də yaşamırdı.
Kerri bacısının evindən çıxmasına sevinirdi. O bu ailənin nə qədər miskin və sönük bir həyat keçirdiyini başa düşmüş, sevincli və maraqlı təəssüratları başqa yerdə axtarmaq lazım olduğunu yəqin etmişdi. Onun beyni indi daha yüngül fikirlərlə məşğul idi, o bir neçə dəfə Druenin bazar ertəsi axşam gəlməyəcəyinə heç cür inanmır və onun gəlməsini fikirləşdikdə bir qədər həyəcanlansa da, qəlbinin dərinliyində bunu dumanlı halda arzu edirdi.
Bazar ertəsi Kerri tezdən durub işə getməyə hazırlaşırdı. O, yaşıl pamazıdan köhnə xal-xal köynəyini, qəhvəyi sarjdan solmuş yubkasını geydi, Kolumbiya-sitidə bütün yay uzunu qoyduğu balaca həsir şlyapasını qoydu. Onun ayaqqabıları olduqca köhnəlmişdi, qalstuku isə bütün çox işlənmiş şeylər kimi əzilmiş və görkəmsiz bir şəkil almışdı. Ümumiyyətlə Kerri fabrikdə işləyən qadına oxşayırdı, ancaq onun gözəl üzünün cizgiləri adi deyildi, o, sevimli, xoş və təmkinli bir qız təsiri buraxırdı.
Öz doğma evlərində saat yeddiyə-səkkizə qədər yatan Kerri kimi adamlar üçün səhər sübhdən qalxmaq asan deyildir. Saat altıda hələ tamamilə yuxulu halda yemək otağına baxarkən səssiz-səmirsiz səhər yeməyini qurtaran Hansonu gördükdə bacısı evindəki həyatın bütün ağırlığını yenidən hiss etdi. Kerri paltarlarını geyinənə qədər Hanson çıxıb getdi. Kerri Minni ilə birlikdə nahar etdi. Uşaq isə stolun arxasında hündür stulun üstündə oturub, sıyığı boşqabın qıraq-bucağına yayırdı.
İndi tanış olmadığı, adət etmədiyi işə başlamaq vaxtı çatdıqda Kerrinin kefi çox pozuldu. Onun bütün gözəl arzularından yalnız bir yığın kül qalmışdı, lakin bu külün altında hələ də ümid qığılcımları közərirdi. Kerri çox əzgin idi, o işləməli olacağı ayaqqabı fabrikində gördüklərini xatırlayaraq səssizcə yeyirdi. Dumanlı fikirlər onun başından çıxmırdı. Ona elə gəlirdi ki, o, böyük fabrik sahibləri ilə görüşəcək və onun işi rütbəli, yaxşı geyinmiş kişilərin hərdənbir nəzər salacaqları yerdə keçəcəkdir.
Kerri çıxmağa hazırlaşdığı zaman Minni dedi:
– Hə, müvəffəqiyyətlər arzu edirəm.
Onlar Kerrinin hər gün piyada gedib gələ biləcəyini müəyyən etmək üçün heç olmasa bu səhər piyada getməsini qərara almışdılar. Həftədə altmış sent konkaya vermək dörd yarım dollar əmək haqqı müqabilində böyük xərcdir.
Kerri:
– İşimin nə cür keçdiyini axşam sənə danışaram, – dedi.
O, günəş şüalarına qərq olmuş küçəyə çıxdı, burada xırda firma qulluqçuları ilə ağzına qədər dolmuş konka vaqonları və fəhlələr hər iki tərəflə hərəkət edirdilər. Adamlar qapılardan çıxıb tələsik müxtəlif tərəflərə dağılırdılar. Kerri özünü bir qədər yüngül hiss etdi. Səhər günəşinin parlaq işığında, mavi səmanın altında, təmiz və saf küləyin qarşısında hansı qorxu uzun müddət davam edə bilər? Gecələr hətta dumanlı günlərdə belə qorxu və uğursuz duyğular artır və möhkəmlənir, amma açıq havada, günəşli gündə insan ölüm qarşısında belə qorxunu itirir.
Kerri getdikcə irəliləyirdi, o körpünü keçib, Beşinci avenüyə döndü. Bu küçə, bozumtul əhəng daşından, tünd qırmızı kərpicdən hündür divarları olan dar dərəni xatırladırdı. Böyük aynalı vitrinlər təmizlikdən parıldayırdı. Gurultulu arabalar küçələri doldurmuşdu. Hər tərəfdə böyüklər və uşaqlar dəstə ilə hərəkət edirdi. Kerrinin qarşısına onunla bir yaşda olan qızlar da çıxırdı və sanki bu qızın cəsarətsizliyini duyaraq onu həqarətlə süzürdülər. Kerri bu şəhərdəki həyatın vüsətinə heyrət edir, onda müəyyən bir rol oynamaq üçün nə qədər çox bilmək lazım olduğunu düşünürdü. O heç bir şeyə yaramayacağından, işi bacarmayacağından, onu tənbəl hesab edəcəklərindən qorxurdu. Onun hər yerdə rədd edilməsi bir iş bilmədiyindən deyildimi? Birdən onu söyüb təhqir etsələr və biabırçılıqla küçəyə atsalar nə edəcək?
Kerri ürək çırpıntısı ilə, nəfəsini çətinliklə alaraq Adams-strit və Beşinci avenü küçələrinin tinində olan böyük ayaqqabı fabrikinə yaxınlaşırdı. Lift onu dördüncü mərtəbəyə qaldırdı, ancaq orada heç kəs yox idi. Yalnız hər tərəfdə tavana qədər qalaqlanmış yeşiklərin arasında uzun keçidlər var idi. O qorxa-qorxa dayanıb birisinin bayıra çıxmasını gözləyirdi.
Çox keçmədən m-r Braun gəldi, ancaq görünür o, Kerrini tanımadı.
– Sizə nə lazımdır? – deyə o soruşdu.
Kerrinin ürəyi düşdü. –
– Siz bu gün gəlməyimi buyurdunuz… Mən iş barəsində…
– Bəli, bəli – deyə o, qızın sözünü kəsdi. – Hm! Sizin adınız nədir?
– Kerri Miber.
– Belə, – deyə o təkrar etdi. – Arxamca gəlin.
Onlar təzə ayaqqabı iyi gələn yeşiklər arasındakı qaranlıq keçidlə gedərək, emalatxananın dəmir qapısına çatdılar. Kerri qolları çırmanmış ağ köynəkli və göy önlüklü kişilərin işlədiyi maşınların gurultu və taqqıltı saldığı alçaq tavanlı geniş emalatxananı gördü. Kerri avtomatların arası ilə utana-utana öz müşayiətçisinin arxasınca gedirdi. Onlar emalatxananın uzaq bir küncündə liftə girib, altıncı mərtəbəyə qalxdılar.
M-r Braun əlinin hərəkətilə ustanı çağırdı, o da maşın və iş stolları labirintindən cəld onun yanına çıxdı.
M-r Braun:
– Bu, sənə söylədiyim qızdır, – dedi və sonra Kerriyə tərəf dönərək əlavə etdi: – Onunla gedin!
Bu sözdən sonra m-r Braun getdi. Kerri isə yeni rəisinin arxasınca, otağın kontor üçün ayrılmış bir küncündə olan balaca stola doğru getdi.
– Siz heç ayaqqabı emalatxanalarında işləmisinizmi? – deyə usta çox ciddi bir tərzdə soruşdu.
– Yox, ser.
Görünür, usta belə işçi ilə məşğul olmaq istəmirdi. Hər halda o, Kerrinin adını yazdı və onu emalatxananın içərilərində şaqqıldayan maşınların önündə, kətillər üzərində cərgə ilə oturan qızların yanına apardı. O, maşınla ayaqqabı üzlüklərini deşən bir qızın çiyninə əlini qoydu.
– Necə işlədiyinizi bu qıza izah edin, – deyə usta Kerrini göstərdi. – Qurtaranda isə mənim yanıma gəlin!
Ustanın müraciət etdiyi qız cəld qalxıb yerini Kerriyə verdi.
– Bu çox asan işdir, – deyə o, Kerriyə tərəf əyildi, – siz ancaq dərini bax belə tutun, buradan sıxın və maşını işə salın.
Qız, kişi ayaqqabısı üzlüyünün sağ tərəfini kiçik saxlayıcılarla bərkitdi və maşının yan tərəfindəki balaca düyməni basdı. Maşın dərhal hərəkətə gəldi və üzlüyün kənarında bağ keçiriləcək deşik açaraq, girdə dəri parçaları tullamağa başladı.
Qız Kerrinin işinə baxıb onun öz vəzifəsinin öhdəsindən yaxşı gəldiyinə əmin olduqdan sonra getdi.
Kerri dəri parçalarını sağ tərəfdəki maşında oturan qızdan alır və sol tərəfdə oturan qonşusuna verirdi. O dərhal başa düşdü ki, müəyyən orta sürət götürmək lazımdır, yoxsa onun yanında üzlüklərdən qalaq əmələ gələcək və beləliklə də onun sol tərəfində oturanların işi ləngiyəcəkdir. Kerrinin ətrafa baxmağa vaxtı yox idi, o səylə işə girişdi.
Qonşuları Kerrinin sıxıldığını, həyəcanlandığını başa düşür və işin sürətini bir qədər azaltmaqla ona bacardıqları qədər kömək etməyə çalışırdılar.
Kerri bir saniyə də maşından ayrılmırdı, onun yeknəsəq işləməsi əsəbləri sakitləşdirir, təsəvvürün doğurmuş olduğu qorxunu qovurdu. O yavaş-yavaş emalatxananın qaranlıq olduğunu hiss etdi. Ağır hava təzə gön iyi ilə dolmuşdu, ancaq bu onu sıxmırdı. Amma ətrafdakıların gözlərini ona dikdiklərini görür və kifayət qədər sürətlə işləmədiyi fikrindən əzab çəkirdi.
Bir dəfə Kerri üzlüyü maşına yanlış qoyub, sıxacla əlləşdiyi zaman onun gözü qarşısında iri bir əl göründü və sıxacı bərkitməkdə ona kömək etdi. Bu, ustanın əli idi. Kerrinin ürəyi elə şiddətlə döyündü ki, dərhal ətrafdakı şeyləri görmək qabiliyyətini itirdi və işi tamam dayandırdı.
Usta:
– Maşını işə salın! – dedi. – Eşitmədiniz, maşını işə salın! Başqalarını ləngitməyin.
Bu səs qızı ayıltdı. O güclə nəfəs ala-ala dəhşətli həyəcan içərisində yenidən işə başladı. Yalnız arxasındakı kölgə yox olandan sonra o, dərindən nəfəs aldı.
Vaxt keçir və getdikcə otağın havası daha da ağırlaşırdı. Kerri boğulduğunu hiss edirdi, o su içmək istəyirdi, lakin yerindən tərpənməyə cəsarət etmirdi. Onun oturduğu kətilin nə söykənəcəyi, nə də ayaq qoymağa yeri var idi, qız bütün bədənində nə isə çox pis bir ağrı hiss etməyə başladı. Bir az sonra onun beli ağrıdı. Kerri tərpənir, çevrilir, tez-tez vəziyyətini dəyişirdi, lakin bunlar çox az kömək edirdi. O yorulmağa başladı.
– Niyə ayaq üstə işləmirsiniz? – deyə qonşusu qısaca ona məsləhət verdi. – Bu qadağan deyildir.
Kerri təşəkkür hissi ilə ona baxdı.
– Mümkünsə mən də elə edərəm, – dedi.
O kətildən qalxaraq bir müddət ayaq üstə işlədi, lakin məlum oldu ki, bu vəziyyətdə işləmək daha pisdir: onun boynu və çiyinləri ağrıdı.
Emalatxanada hökm sürən vəziyyət öz qabalığı ilə Kerrini əzirdi. O ətrafına baxmağa belə cəsarət etmirdi, lakin bəzən kiminsə danışmağı maşınların səsini batıraraq onun qulağına çatır və o, gözünün ucu ilə bəzi şeyləri görürdü.
– Sən dünən Harrini gördün? – deyə Kerrinin sol tərəfində oturan qız qonşusundan soruşdu:
– Yox.
– Sən onu yeni qalstukda bir görəydin! Ah, o nə qədər gözəl idi.
– Sss! – deyə başqa bir qız pıçıldadı və başını daha aşağı saldı.
Onun rəfiqəsi o saat susdu və ciddi bir görkəm aldı.
Usta bütün qadınlara diqqətlə baxa-baxa yavaş-yavaş yanlarından ötüb keçdi. O aralanan kimi söhbət yenidən başlandı.
– Bilirsənmi o nə dedi? – deyə Kerrinin sol tərəfində olan qız yenidən başladı.
– Yox, bilmirəm.
– Deyir ki, guya məni “Martin” yanında Eddi Harri ilə görmüşdür.
– Doğrudanmı?
Qızlar gülüşdülər.
Başı çox tüklü olan gənc, uca boylu, kürən bir oğlan, içərisində dəri qırıntıları olan səbəti qarnına sıxaraq, ayaqlarını sürüyə-sürüyə maşınların arası ilə keçirdi. Kerriyə yaxınlaşarkən o, əlini cəld uzadıb, qızlardan birinin dirsəyindən tutdu.
– Əl çək! – deyə qız hirslə qışqırdı, – axmaq!
Kürən oğlan ancaq dişlərini ağartdı və qız onun arxasınca baxanda:
– Gör necə əzilir! – dedi.
İş o yerə çatdı ki, Kerri artıq otura bilmirdi. Ayaqları sancırdı, o, ayağa qalxıb gərnəşmək istəyirdi. Görəsən heç vaxt günorta olmayacaqmı? Ona elə gəlirdi ki, tam bir gün axşama qədər işləmişdir. O, qətiyyən aclıq hiss etmir, ancaq bütün bədənində dəhşətli bir zəiflik duyurdu. Deşik açanın müəyyən bir nöqtəyə düşməsini gərgin surətdə izləməkdən Kerrinin gözləri yorulmuşdu. Sağda oturmuş qız təzə gələnin əzab çəkdiyini görür və ona yazığı gəlirdi. Kerri həddindən artıq səy edirdi, əslində onun işi çox də zehni və fiziki gərginlik tələb etmirdi. Lakin ona heç nə ilə kömək etmək olmazdı. Çəkmə üzü qalağı getdikcə artırdı. Kerrinin əli əvvəlcə biləyinə, sonra barmaqlarına qədər ağrımağa başladı və nəhayət, onun bütün bədəni ağrıyan əzələ kütləsinə çevrildi, mexaniki olaraq daim eyni hərəkəti təkrar etməkdən əzələlər daha bərk ağrıyır və bu hərəkət qızın ürəyini bulandırırdı. Kerri bu işgəncənin heç bir zaman qurtarmayacağını qət etdiyi və tamam ruhdan düşdüyü zaman haradansa aşağıdan boğuq zəng səsi eşidildi və fasilə başlandığını xəbər verdi. Dərhal səslər ucaldı və vurnuxma başlandı. Bir anda bütün qızlar yerlərindən qalxdılar və qonşu otağa tələsdilər. Sağ tərəfdəki şöbədən kişilər çıxaraq emalatxanadan keçməyə başladılar. Sürətlə hərlənən təkərlərin səsi get-gedə yavaşıdı və nəhayət tamamilə kəsildi. Sakitlik başlandı, bu sükutda səslər adama çox qəribə gəlirdi.
Kerri yerindən qalxıb naharını gətirməyə getdi. Onun bütün bədəni keyləşmişdi, başı hərlənirdi, o susuzluqdan yanırdı. Üst paltarları qoyulan arakəsməyə tərəf gedərkən yolda usta ona rast gəldi. O, Kerrini diqqətlə süzdü və sözə başlayaraq:
– İşin öhdəsindən necə gəlirsiniz? – dedi.
– Bir təhər, – deyə Kerri ehtiramla cavab verdi.
– Hm! – deyə usta mızıldandı və daha nə deyəcəyini bilmədiyi üçün keçib getdi. Başqa şəraitdə bu iş heç də bu qədər ağır olmazdı. Lakin o vaxtlar heç kəs işçilər üçün az-çox dözüləsi əmək şəraiti yaratmaq haqqında düşünmürdü.
Maşınlara çəkilən yağın və təzə dərinin qoxusuna binanın üfunətli qoxusu da qarışırdı, bu isə çox pis qoxu idi. Ancaq axşamlar süpürülən döşəmə zir-zibil ilə dolu idi. Heç kəs işçilərin rahatlığı qayğısına qalmırdı, onlara mümkün qədər az verməyə və onlardan mümkün qədər çox tələb etməyə cəhd edirdilər. Stullarda ayaq qoymağa yer, hərəkət edən söykənəcəklər, işçi qadınlar üçün aşxana, təmiz önlüklər, yararlı paltarasan yer – bütün bunlar o vaxt heç kəsin xəyalına gəlmirdi. Ayaqyolular qaranlıq, çirkli, hətta üfunətli idi. Ətrafda olan hər şey çox miskin görünürdü.
Kerri küncdə qoyulmuş vedrədən bir stəkan su içib nahar etmək üçün yer axtarmaq məqsədilə ətrafı nəzərdən keçirməyə başladı. Başqa işçi qadınlar pəncərə qabaqlarından, emalatxanadan getmiş kişilərin iş stolları arxasında yerləşmişdilər. Təbiətcə çox utancaq olan Kerri bir dənə də olsun boş yer tapmayıb heç kəsə yer üçün əziyyət vermək istəmədiyindən öz maşınının yanına qayıtdı və kətilin üstündə oturdu. O, içərisində nahar olan qutunu dizləri üstünə qoyub açdı və söhbətlərə qulaq asmağa başladı. İşçi qadınların danışdıqlarının əksəriyyəti hər dürlü məzmundan məhrum idi, özləri də pozulmuş dildə danışırdılar. Emalatxanada qalmış kişilərin bəziləri uzaqdan qızlara arabir söz atırdılar.
Onlardan biri pəncərənin yanında balaca bir yerdə valsdan bir neçə tur göstərən qıza müraciət edərək:
– Kitti, mənimlə bala gedərsənmi? – dedi. Bir başqası bağırdı:
– Ehtiyatlı ol, Kitti! Yoxsa saçların açılar.
– Heç olmazsa, sən mumla! – deyə qız səsləndi.
Qızların və kişilərin arasında gedən mənasız danışığı eşidən Kerri bir sövq-təbii ilə susurdu. O belə söhbətlərə alışmamışdı və bunda nə isə bir amansızlıq və qabalıq görürdü. Kerri qorxurdu ki, birdən onlardan biri bu sözlərlə ona müraciət edər. Ona elə gəlirdi ki, Druedən başqa bütün kişilər kimi emalatxanada işləyən gənclər də kobud və gülüncdürlər. O bir qadın kimi insanların varını, tərbiyəsini, yaxşı sifətlərini onların geyimlərinə görə mühakimə etməyə meyl edirdi.
Yarım saatlıq fasilə qurtardıqdan sonra maşın təkərləri yenidən vızıldamağa başlarkən Kerri hətta sevindi. O nə qədər yorulmuş olsa da yenidən işçi qadınlar içərisində işləməyinə razı idi. Lakin bu da onun canını qurtarmadı: bir gənc işçi onun yanından keçərkən laübalı bir görkəmlə barmağını onun böyrünə dürtdü.
Kerri tələsik hərəkətlə geri döndü və gözlərində qəzəb parladı, lakin oğlan keçib getdi və yalnız bir dəfə dönüb baxdı və dişlərini ağartdı. Kerri güclə göz yaşlarını saxladı.
Qonşusu bunu gördü.
– Siz əhəmiyyət verməyin! – dedi. – Bu oğlan çox sırtıqdır.
Kerri heç bir cavab vermədi və maşın üzərinə daha artıq əyildi. Ona elə gəlirdi ki, o belə həyata dözə bilməyəcəkdir. Onun iş haqqındakı təsəvvürü tamamilə başqa idi. O, günün bütün ikinci yarısını emalatxananın divarları arxasında yerləşən şəhər, dəbdəbəli mağaza vitrinləri, insan dəstələri, gözəl evlər haqqında düşündü. Doğma yerlər onun xatirəsində baş qaldırırdı, evdə qoyub gəldiyi bütün yaxşı şeylər gözü önündə canlandı. Saat üçdə ona elə gəldi ki, yəqin saat altıdır, saat dörddə isə düşünməyə başladı ki, müdiriyyət saata baxmır və bütün işçiləri vaxtından artıq işləməyə məcbur edir. Usta tamamilə vəhşiləşmişdi. O, emalatxanada vurnuxur, bu dəhşətli işdən bir dəqiqə ayrılmağa yol vermir, Kerrinin qulaqlarına çatan qırıq-qırıq sözlər onda qızlardan biri ilə dostluq etmək arzusunu öldürürdü. Nəhayət, saat altını vurduqda o cəld yerindən qalxdı və tələsik çıxdı. Onun əlləri ağrıyırdı. Bütün bədəni eyni vəziyyətdə işləməkdən sancırdı.
O, şlyapasını geyib uzun dəhliz ilə gedərkən ondan xoşu gəlmiş bir gənc işçi onu səslədi.
– Dayan, göyçək qız, əgər gözləsən, mən səni ötürərəm!
Aydın idi ki, bu sözlər məhz Kerriyə aiddir, ancaq qız heç dönüb baxmadı.
Ağzına qədər dolmuş liftdə tozlu və çirkli paltar geymiş bir gənc Kerriyə xoş bir təsir bağışlamaq məqsədilə gözlərini ona zillədi.
Küçədə yoldaşını gözləyən bir oğlan Kerrini görərkən dodaqaltı gülümsədi və zarafatyana söz atdı:
– Təsadüfən, yolumuz bir deyil ki?
Kerri yola düşdü. Tini dönərkən böyük aynalı pəncərədən bir neçə vaxt bundan qabaq ilk dəfə iş axtardığı zaman gördüyü stolu tanıdı. Küçədə həmişə olduğu kimi gümrah və qüvvətli, tələsən adamlar səs-küylü izdihamla hərəkət edirdilər. Kerri özünü bir qədər yüngül hiss etdi, lakin bu ancaq emalatxanadan çıxmasının nəticəsi idi. O, yanından keçən yaxşı geyinmiş qızlardan xəcalət çəkirdi. Ona elə gəlirdi ki, o, bunlardan da yaxşı geyinməyə layiqdir.
V FƏSİL
GÖZƏL GECƏ ÇİÇƏYİ. KERRİNİN ADI NECƏ ÇƏKİLDİ
Təyin olunmuş axşam Drue gəlmədi. Kerrinin məktubunu aldıqda, onun haqqında olan bütün fikirlərini müvəqqəti olaraq bir tərəfə qoyub tamamilə əyləncələrə – bu sözü anladığı mənada əyləncələrə – qoşuldu. Bu gün o Klark və Monro-strit küçələrinin tinində, zirzəmidə yerləşən xeyli məşhur “Rektor” restoranında nahar etdi. Nahardan sonra Adams-stritdə şəhər bələdiyyə idarəsinin əzəmətli binası qarşısında olan “Fitscerald və Moy” barına yollandı. Orada zəngin piştaxtanın yanında oturdu, bir qədər xalis viski içdi və iki siqara alıb onlardan birini yandırdı. Druenin təsəvvürünə görə belə hərəkət “yüksək cəmiyyət” həyatının adətlərinə daxil idi və bu həyatın daşıdığı mahiyyətin yəqin ki, bir hissəsini təşkil edirdi.
Drue əyyaş və pullu adam deyildi. O ancaq həyatda olan bütün yaxşı – Druenin təsəvvürünə görə yaxşı – şeylərin həsrətini çəkirdi və belə vaxt keçirmək Drueyə o yaxşı şeyin bir hissəsi kimi görünürdü. Divarları və döşəməsi pardaxlanmış mərmərdən olan, başdan-başa ziyaya qərq olmuş, gümüş və çini qablarla bəzənmiş, ən başlıcası isə artistlərin sevdiyi yığıncaq yeri olan “Rektor” restoranı Drueyə bəxti gətirmiş adamlar üçün daha əlverişli yer kimi görünürdü. Drue yaxşı geyməyi, dadlı şeylər yeməyi sevirdi, ancaq o, yaxşı məclisləri və həyatda müvəffəqiyyət qazanmış adamlarla tanış olmağı daha çox qiymətləndirirdi. Bu restoranda nahar edərkən o, Cozef Ceffersonun burada tez-tez olmasından, o dövrün başqa bir şöhrətli artisti – Henri Diskin ondan bir neçə stol aralıda oturması fikrindən həzz alırdı. Siyasətçilərin, birja dəllallarının, artistlərin, həmçinin bütün şəhərdə məşhur olan varlı avara gənclərin göründüyü boş laqqırtı gurultusu içərisində yeyib-içdikləri “Rektor”da həmişə bu ləzzəti almaq olardı.
– Odur, orada filankəslər oturmuşlar, – bu və ya başqa bir centlmenin, xüsusən yeməyə səxavətlə pul xərcləmək imkanı verən başhərləndirici yüksəkliyə çatmamış, lakin vaxtilə çatmağa ümid edən adamların ağzından tez-tez bu cümləni eşitmək olardı.
– Doğrudanmı? – deyə ona həmişəki kimi sual verilərdi.
– Əlbəttə! Bəs siz bilmirsiniz? O, Böyük operanın direktorudur.
Bu sözlər Druenin qulağına çatdığı zaman o, çiyinlərini düzəldib daha böyük iştahla yeməyə başlayırdı. Əgər onun bunsuz da özünə məxsus bəzi şöhrətpərəstliyi var idisə, belə söhbətlər bu şöhrətpərəstliyi daha da qüvvətləndirirdi, əgər o, məğrur idisə, bu sözlər onun məğrurluğunu daha da alovlandırırdı. Bəli, elə bir gün gələcək ki, o da dəstə-dəstə pullar xərcləyə biləcəkdir. Hələ indi o həmin adamların nahar etdiyi yerdə nahar edə bilir!
Onun Adams-stritdə olan “Fitscerald və Moy” barını üstün tutması da eyni mülahizələrə əsaslanmışdı. Çikaqo üçün bu, zəngin yer idi. “Rektor” restoranı kimi o da yumşaq elektrik işığına qərq olmuşdu, döşəməsinə rəngarəng dördbucaqlı daşlar döşənmişdi. Divarların aşağı hissəsinə vurulmuş tünd rəngli pardaxlanmış ağac gözəl çilçıraqların işığını əks etdirirdi. Divarın yuxarı hissəsinin gözəl naxışları salona fövqəladə zənginlik verirdi. Barın parlaq işığa qərq olmuş uzun piştaxtası da pardaxlanmış ağacla örtülmüşdü. Hər tərəfdə billur qablar, rəngli şüşələr və hər növ qəribə formalı butulkalar parlayırdı. Bura böyük palma ağacları, bahalı şərabları, bol meyvəsi, heç yerdə tapılmayan ən yaxşı konfeti və siqarları olan həqiqətən zəngin bir bar idi.
Drue “Rektor” restoranında m-r Herstvud ilə tanış olmuşdu. O, “Fitscerald və Moy” barının müdiri idi. Onun haqqında şəhərdə yaxşı tanınmış çox bacarıqlı və bəxti gətirən bir adam kimi danışırdılar. Herstvud bu fikri tamamilə doğruldurdu. Onun qırxa yaxın yaşı olardı, o, yaxşı geyinirdi, möhkəm bədəni və nəcib hərəkətləri var idi. Özünü müəyyən mövqe tutmuş və şəxsi ləyaqətini bilən mötəbər bir şəxs kimi aparırdı. Drue dərhal anladı ki, bu adamla dostluq etməyinə dəyər. Buna görə də Herstvud ilə sadə tanışlıqla kifayətlənməyib, hər dəfə bir az vurmaq və siqar çəkmək arzusu olanda Adams-stritə gedirdi.
Herstvud öz-özlüyündə maraqlı bir tip idi. O, zirək və hiyləgər idi, insanlara müsbət təsir bağışlamağı bacarırdı. Təmtəraqlı barın müdiri vəzifəsi çox şərəfli bir vəzifə hesab olunurdu. Herstvud illər boyu canfəşanlıq və inadla qulluq etmək nəticəsində yoxsul bir salonda bufetçilik vəzifəsindən indiki vəzifəyə qalxmışdı. Barda onun pardaxlanmış gilənar ağacı ilə bəzənmiş balaca bir kabineti var idi, o burada stolun gözündə çox da mürəkkəb olmayan mühasibatını yerləşdirmişdi, bunun köməyi ilə o lazım olan, sifariş edilmiş və alınmış malları hesablayırdı. Ümumi rəhbərliyi və maliyyə vəzifələrini bar sahibləri – Fitscerald və Moy və satışdan toplanan pulları idarə edən kassir yerinə yetirirdi.
Herstvud vaxtının çox hissəsini barın ortasında gəzməklə keçirirdi, onun əynində xarici parçadan tikilmiş şıq kostyum, almazdan sancaq, mütləq yeni bir fasonda tikilmiş jilet, ən yaxşı marka hesab olunan ağır qızıl zəncirli, qəribə breloklu saat olardı. O, şəhərdə məşhur olan yüzlərlə aktyorların, tacirlərin və bir çox başqalarının adlarını bilir və onları: “Hə, salam, qoca!” – sözlərilə salamlayırdı. Onun şöhrət və müvəffəqiyyəti qismən də bununla izah olunurdu. Onun həftədə on beş dollar alan kontorçular və xırda xidmətçilər (bara tez-tez gəlmək sayəsində Herstvudun kim olduğunu bilmək şərəfinə çatanlar) üçün “Gündüz xeyir”dən başlamış “Salam, salam! Kefiniz necədir?”ə qədər tədricən yüksələn salam silsiləsi var idi. Son salam onu tanıyan və onunla dostluğa meyil edən şəhərin məşhur adamlarına və yaxud varlılarına məxsus idi. Lakin bir qisim çox zəngin və tanınmış qonaqlar var idi ki, Herstvud onlarla yanaşı durmağa cəhd etməzdi. Belə adamlara o, peşəkar bir nəzakətlə yanaşır, onlara lazımi hörmət göstərirdi. Belə hallarda o, simasına ciddilik və şəxsi ləyaqət ifadəsi verirdi. Beləliklə, Herstvud onların rəğbətini qazanır və bundan onun ləyaqətinə azacıq da olsa zərər toxunmurdu. Nəhayət, buraya kifayət qədər məşhur olan, lakin yüksək şöhrəti olmayan, nə kasıb nə də varlı adamlar da gəlirdi ki, bunlarla Herstvud əsl dostluq əlaqəsi saxlayırdı. Bu təbəqədən olan adamlarla o daha böyük məmnuniyyətlə söhbət edir və onların fikirlərinə ciddi qulaq asırdı. O ara-sıra vaxtını əyləncələrə sərf etməyi də sevirdi, yəni cıdıra, hər hansı bir klubun düzəltdiyi teatra, yaxud idman tamaşalarına gedirdi. Onun gözəl atları və ekipajı var idi; o öz arvadı, iki uşağı ilə Linkoln-parkın yaxınlığında, Şimal tərəfdə olan gözəl evində yaşayırdı.
Bir sözlə, Herstvud bizim Amerikanın, necə deyərlər, “yüksək sinfinin” nümayəndəsi idi. Həyat səviyyəsinə görə isə pullu tuzlardan bir pillə aşağıda dururdu.
Drue Herstvudun çox xoşuna gəlirdi. Onun sadə hərəkətləri də, bəzəkli xarici görünüşü də Herstvudun ürəyindən idi. O, Druenin vur-tut az stajlı bir kommivoyajer olduğunu bilirdi. Lakin “Bartlet Kario və Ko” işləri yaxşı gedən böyük bir firma hesab olunurdu. Drue də orada yaxşı işçi sayılırdı. Herstvud m-r Kario ilə yaxından tanış idi. O, ümumi söhbətin gurultusu altında öz dostları ilə bir stəkan viski içmək üçün dəfələrlə buraya gəlmişdi. Çarlz Drue öz işi üçün çox faydalı olan məzəlilik hissinə malik idi və yeri gəldikdə məharətlə lətifə danışmağı bacarırdı. Herstvudla o, cıdır haqqında danışır, qadınlarla olan macəralarından və həyatında baş vermiş maraqlı hadisələrdən söhbət edir, olduğu şəhərlərdə bazarların vəziyyəti haqqında məlumat verirdi. Bütün bunların sayəsində o, yaxşı bir müsahib olmuşdu. Bu axşam onun halı çox yaxşı idi, çünki onun hesabatı firma tərəfindən təsdiq edilmiş, yeni nümunələr müvəffəqiyyətlə seçilmişdi və o, gələcək altı həftəlik səfəri üçün plan düzəldib qurtarmışdı.
Drue saat səkkizdə bara daxil olarkən:
– A, Çarli, dostum! – deyə Herstvud onu salamladı, – işləriniz necədir?
Bu zaman bar camaatla dolu idi. Drue razılıqla gülümsünərək Herstvudla salamlaşdı və onunla birlikdə piştaxtaya tərəf yollandı.
– Sağ olun, pis deyil, – deyə Drue gedə-gedə cavab verdi.
– Mən sizi ay yarımdır ki, görmürəm. Nə vaxt gəlmisiniz?
– Cümə günü, – deyə Drue cavab verdi. – Səfərim çox müvəffəqiyyətlə keçdi.
– Çox şadam.
Bu sözləri deyən zaman Herstvudun qara gözlərində adi soyuqluğu müvəqqəti olaraq əvəz edən nə isə bir mülayimlik və istilik göründü.
Ağappaq gödəkcə geymiş və eləcə də qalstuk bağlamış bufetçi sifariş qəbul etmək üçün azacıq qabağa əyildiyi zaman Herstvud soruşdu:
– Nə içəcəksiniz?
– Köhnə istiot arağı.
Herstvud:
– Mənə də bir azacıq ondan verin, – deyərək soruşdu: – Siz şəhərdə çoxmu qalacaqsınız?
– Ancaq çərşənbə gününə qədər. Bu dəfə Sen-Pola gedəcəyəm.
– Şənbə günü Corc İvens burada idi. Deyirdi ki, keçən həftə sizi Milokidə görmüşdür.
– Elədir, mən Corcu gördüm, – deyə Drue təsdiq etdi. – Yaxşı oğlandır, deyilmi? Biz onunla yaxşı vaxt keçirtdik.
Bufetçi şüşəni onların qabağına qoydu. Dostlar söhbəti davam etdirərək hərəsi özü üçün araq tökdü. Drue ədəb qaydalarına müvafiq olaraq stəkanının üçdə iki hissəsini doldurdu. Herstvud isə qədəhinə yalnız bir neçə damcı araq töküb selter ilə qarışdırdı.
– Kario harada itib batmışdır? – deyə o soruşdu. – İki həftə olar ki, görünmür.
– Deyirlər, xəstədir. Axı qocanın podaqra xəstəliyi var!
– Vaxtilə az pul qazanmamışdır, eləmi?
– Bəli, onun pulu çoxdur, – deyə Drue razılaşdı. – Lakin o çox yaşamaz. İndi o demək olar ki, heç kontora gəlmir.
– Deyəsən, onun ancaq bir oğlu var? – deyə Herstvud soruşdu.
– Bəli, özü də yaşamaq üçün tələsənlərdəndir, – deyib Drue güldü.
– Güman eləmirəm ki, başqa şəriklər olduğu halda onun işə böyük ziyanı ola bilsin.
– Xeyr, mən də onun zərər verə biləcəyini düşünmürəm.
Herstvud pencəyinin düymələri açılmış halda hər iki əlinin baş barmağını jiletin ciblərinə soxaraq piştaxtaya söykənib durmuşdu. Gur işıq onun bütün simasına xoş bir zəriflik verirdi. O, gözəllik və nəzakət mücəssəməsinə oxşayırdı.
İçməyə və düşünməyə meyil edən üçün gurultulu və səs-küylü camaatla dolu olan bu böyük parıldayan salon anomaliya kimi, təbiətin və həyatın bir növ təhrifi kimi görünə bilərdi. Kəpənəklər parlaq işığın hərarətli şüalarından isinmək üçün ardı-arası kəsilmədən buraya axışırdılar. Burada eşidilən qırıq-qırıq söhbətlərə görə barın müştəriləri haqqında müəyyən fikir yürütmək çətin idi. Hər kəsə aydındır ki, fırıldaqçılar özlərinin iyrənc kələklərinə müzakirə üçün daha xəlvət yer seçər, siyasətçilər isə burada məclis çağırmaz, qulağı iti olan hər kəsin diqqətlə qulaq asacağı bu yerdə mühüm məsələlər haqqında söhbət etməzdilər. Bütün bu adamların buraya toplanmasını onların şəraba olan meyilləri ilə izah etmək çətin idi, çünki bunların çoxu əyyaş deyildilər. Hər halda onları camaatla dolu salonda çənə vurmaq və mühakimə yürütmək üçün toplanmağa nə isə bir şey məcbur edirdi. Şübhəsiz, hansı bir ehtirassa, hansı bir izahedilməz arzu isə bu xüsusi müəssisələrin meydana çıxmasına səbəb olmuşdu – əks-təqdirdə onlar heç olmazdı.
Məsələn, Drueni buraya sövq edən yalnız əyləncə həsrəti, eləcə də varlı adamların arasında olmaq arzusu idi. Onun burada görüşdüyü dostları, ola bilsin özləri belə düşünmədən, burada gördükləri cəmiyyətə, bu xarici parlaqlığa, bu mühitə ehtiyac hiss etdiklərindən buraya gəlirdilər. Nəhayət, bu hadisəyə ictimai adətlərin yaxşılaşması əlaməti kimi də baxmaq olardı, çünki müştəriləri buraya sövq edən ancaq hissi arzular olsa da, bunda heç bir pis şey yox idi. Bara bu cür gəlmək, uzaq başı, həyata kobud materialist nöqteyi-nəzərilə baxan adamda dəbdəbəli yaşamaq, heç nəyə ehtiyac hiss etməmək arzusu doğura bilərdi. Lakin belə olduqda da insan özü və onun şeylərə olan münasibəti müqəssir idi. Etiraza səbəb olan yeganə amili – əyyaşlığı bir tərəfə atın və o zaman şərait gözəlliyi əleyhinə, bara getməkdən doğan xoş duyğuların əleyhinə çıxacaq bir adam da tapılmaz. Bizim ən yaxşı restoranlarımızın şöhrəti bu nöqteyi-nəzərin doğruluğunu təsdiq edir.
Bununla belə bu işıqlı salon, fikirlərin məqsədsiz qarmaqarışıq axınına qapılaraq, xırda və mənasız laqqırtı ilə məşğul olan bərli-bəzəkli, acgöz izdiham, bütün bu zahiri gözəllik və modabazlıq qarşısında əyilən adamlar bu divarlardan kənarda əbədi ulduzların təmiz parıltısı altında olan adama nədənsə heyrətli və qəribə görünərdi. Bəli soyuq külək dolaşan bir gecədə ulduzlar altında durub bu çıraqban edilmiş bara tamaşa etdikdə, o, yəqin sirli, şən əyləncələrdən başhərləndirici lətafət saçan, pərvanələr dəstəsi ilə əhatə olunmuş qırmızı gecə çiçəyi kimi görünür.
– Siz indicə buraya girən adamı görürsünüzmü? – deyə Herstvud silindrli və sürtuklu centlmenə baxıb soruşdu. Bu adamın kök yanaqları yaxşı yeməkdən sonra olduğu kimi qırmızı idi.
– Yox. Hanı? – deyə Drue soruşdu:
Herstvud gözləri ilə silindrli centlmeni göstərib dedi:
– Odur, orada!
Drue göstərilən tərəfə baxdığını bildirmədən:
– Hə, hə, görürəm, – dedi. – O kimdir?
– Məşhur sprit Jül Uollesdir.
Drue maraqlandı və:
– Mən deməzdim ki, o, ruhlarla işi olan adama oxşayır, – dedi.
– Doğrusu, mən onun onlarla əlaqədə olub-olmadığını deyə bilmərəm, lakin onun həmişə pulu var, – deyə Herstvud səsləndi və onun gözlərində tamahkarlıq alovu parladı.
Drue dedi:
– Mən şəxsən belə şeylərə o qədər inanmıram. Siz necə?
– Necə deyim, – deyə Herstvud cavab verdi. – Bəlkə də bütün bunların arxasında bir şey var. Hər halda, mən şəxsən bu məsələ üzərində başımı yormazdım. Yeri gəlmişkən, – deyə o əlavə etdi, – sizin bu gün gedəcək yeriniz varmı?
– Bəli, “Torpaqda deşik” pyesinə baxmağa gedəcəyəm, – deyə Drue o zaman şöhrət tapmış komediyanın adını çəkdi. Herstvud saata baxıb:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/teodor-drayzer/kerri-baci-68386243/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Kommivoyajer (xarici ölkələrdə: ticarət agenti)