Əlvida silah

Əlvida silah
Ernest Miller Heminquey
Roman avtobioqrafik sayılır. Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub.
""Əlvida, silah!"" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır. Romanın adına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», ""Silahlara əlvida"" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah! » (1929) adının üstündə dayanıb.

Ernest Heminquey
«Əlvida, silah!» (roman)

BİRİNCİ KİTAB

BİRİNCİ FƏSİL
O il yayın axırlarında biz kənddə dayanmışdıq, qaldığımız balaca evdən çay və düzəngah görünür, bunlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağına günün altında quru və ağ görünən qənbər və çınqıl döşənmişdi, su isə şəffaf və iti idi, axarlarda göm-göy olurdu. Evin yanındakı yolun yanından qoşunlar keçirdi, onların qaldırdıqları toz ağacların yarpaqlarına yatırdı. Ağacların gövdələri, də toz ilə örtülmüşdü və həmin il yarpaqlar tez tökülməyə başlamışdı, biz də qoşunların yol ilə necə getməyinə, tozun burularaq havaya qalxmağına, küləyin tökülən yarpaqları qabağına qatıb aparmağına, sonra isə ağaran boş yolda ancaq yarpaqların tökülüb qalxmağına baxırdıq.
Düzən məhsuldar idi, orada çoxlu meyvə bağları vardı. Düzəndən o yandakı dağlar isə boz və çılpaq idi. Dağlarda vuruşma gedirdi və gecələr partlayışların alovları görünürdü. Qaranlıqda bunu şimşəyə oxşatmaq olardı; amma gecələr sərin keçirdi, havada tufan olacağı sezilmirdi.
Bəzən qaranlıqda pəncərələrimizin altından qoşunların keçdiyini və yedəyə alınmış topların yanımızdan ötdüyünü eşidirdik. Gecələr yolda hərəkət güclənirdi, yəhərlərinin hər iki tərəfinə döyüş sursatı ilə dolu yeşiklər yüklənmiş çoxlu qatır gedirdi, əsgərlərin əyləşdiyi boz yük maşınları ötüb keçirdi, yük vurularaq üstünə brezent çəkilmiş və çox da sürətli olmayan maşınlar irəliləyirdi. Gündüzlər də yedəyə alınmış ağır toplar keçib gedirdi, uzun toplar yaşıl budaqlarla örtülü olurdu, yedəkçi maşınların üstünə sıx yaşıl budaqlar və tənək yığılırdı. Bizim dayandığımız yerdən şimalda vadi var idi, onun arxasında şabalıd meşəsi başlayırdı, daha sonra çayın biz tərəfdə olan sahilində bir dağ da ucalırdı. O dağı da almaq istədilər, amma bir şey çıxmadı, payız düşəndə, yağışlar başlarkən şabalıdın bütün yarpaqları töküldü, budaqlar çılpaq qaldı, ağacların gövdələri yağışdan qaraldı. Meynələr də seyrəldi, çılpaqlaşdı və hər yer su içində, bomboz payıza xas halda ölgün idi. Çayın üstünü duman bürüyürdü, buludlar dağlara doğru sürünürdü, yük maşınları yolda palçığı ətrafa sıçradırdı, kirli və su içində olan əsgərlər öz plaşlarına bürünüb gedirdilər; onların tüfəngləri yaş idi, kəmərlərindəki iki dəri patron çantası, nazik 6,5 millimetrlik patron daraqlarından ağırlaşmış boz dəri çantalar qabaq tərəfdən plaşın altından elə çıxmışdı ki, elə bil yol ilə gedən əsgərlər altı aylıq hamilə idilər.
Çox iti gedən balaca boz minik maşınları ötüb keçirdi; adətən şoferin yanında zabit əyləşirdi, arxada da zabitlər oturardılar. Bu maşınlar yük maşınlarından daha çox palçıq sıçradardı, əgər zabitlərdən birinin boyu lap balaca idisə və arxada iki generalın arasında otururdusa, çox balaca olduğundan üzü görünmürdüsə, ancaq kepisinin təpəsi və ensiz kürəkləri nəzərə çarpırdısa, həm də maşın lap iti gedirdisə, onda bu ehtimal ki, kral idi. O, Udinedə yaşayırdı və demək olar, hər gün bu yol ilə keçirdi ki, görsün işlər necə gedir, işlər isə çox pis gedirdi.
Qışın girməsi ilə fasiləsiz yağışlar başladı, yağışların yağması ilə isə vəba başladı. Amma onun yayılmasına imkan vermədilər, odur ki, bütün dövr ərzində bundan orduda cəmi yeddi min adam öldü.

İKİNCİ FƏSİL
O biri il çoxlu qələbə oldu. Vadinin o tərəfindəki dağ və şabalıd meşəliyinin olduğu yamac alındı və düzəndən cənubdakı yaylada da qələbələr oldu və avqust ayında biz çayı keçib Qorisiyada, divarlarına al-qırmızı liana sarmaşan evdə yerləşdik, hündür hasarlı bağda isə fəvvarə və sıx kölgəli çoxlu ağac var idi. İndi döyüşlər yaxındakı dağlarda, bizdən cəmi bir mildən az olan məsafədə gedirdi. Çox yaxşı şəhər idi, bizim ev isə çox gözəl idi. Çay bizim evin arxa tərəfindən axırdı, şəhər də çox asanlıqla tutulmuşdu, lakin şəhərin dalındakı dağları almaq mümkün olmadı, mən də sevinirdim ki, müharibə qurtararsa, görünür, avstriyalılar bir vaxt bura qayıtmaq fikrindədirlər, çünki onlar şəhəri elə bombardman etmirdilər ki, onu dağıtsınlar, elə-belə, qayda-qanun xatirinə edirdilər. Əhali şəhərdə qalmışdı və orada hospitallar, kafelər var idi, döngələrdə toplar qoyulmuşdu, iki fahişəxana da var idi – biri əsgərlərdən ötrü, digəri zabitlərdən ötrü; yay çıxarkən gecələrin sərin keçməsi, döyüşlərin yaxın dağlarda getməsi, mərmilərin körpünün dəmirini əzməsi, çay kənarında döyüş meydanı olmuş yerdə dağıdılmış tunel, meydanın ətrafındakı ağaclar və meydana gedən küçələr boyu iki cərgə uzanan ağaclar, – bütün bunlar və bir də şəhərdə qızların olması, kralın öz boz maşınında yanımızdan ötüb keçməsi, indi onun üzünü və boynu uzun balaca fiqurunu görməyin mümkün olması, – bütün bunlar bir də divarları mərmi ilə dağıdılmış və içərisi gözlənilmədən boşalmış evlər, bağlarda və bəzən də küçələrdə mala və xırda daş yığını, bir də Karsoda işlərin yaxşı getməsi bu ilin payızını keçən ilin kənddə durduğumuz payızından əsaslı surətdə fərqləndirirdi. İndi müharibə də başqa cür olmuşdu.
Şəhər kənarında olan dağın üstündəki palıd meşəsi məhv edilmişdi. Yayda biz şəhərə gələrkən bu meşə yaşıl idi, indi isə ondan kötüklər və parçalanmış ağacların gövdələri qalmışdı, bütün torpaq alt-üst olmuşdu və bir dəfə, payızın axırında, əvvəllər palıd, meşəsi olan həmin yerdən baxarkən gördüm ki, dağın arxasından bulud gəlir. Bulud sürətlə gəlirdi və günün üzü tutqun sarı rəng aldı, sonra da hər tərəf bozardı, səma tutuldu və bulud dağın üstünə yatdı, birdən bizi də bürüdü, bu, qar idi. Küləyin səmti ilə qar çəpəki yağırdı, çılpaq yer qarın altında qalırdı, ancaq ağacların kötükləri görünürdü, qar topların üstünə yatırdı və səngərlərin arxasından ayaqyoluna tərəf gedən yerlərdə qarın üstünə izlər düşmüşdü.
Axşam şəhərə enib zabitlərin fahişəxanasında pəncərənin qarşısında, dostumun yanında oturmuşdum, qabağımızda bir şüşə asti və iki stəkan var idi. Bayırda qar yağırdı, pəncərədən qarın yavaş-yavaş və topa-topa yağmasına baxıb başa düşürdük ki, bu ilimiz batdı. Çayın yuxarı axarındakı dağlar alınmamışdı; çayın o biri sahilində də heç bir dağ alınmamışdı. Bütün bunlar gələn ilə qalmışdı. Dostum küçədə palçığın içi ilə ehtiyatla addımlayan bizim polk keşişini gördü və onun diqqətini cəlb etmək üçün şüşəni döyməyə başladı. Keşiş başını qaldırdı. O, bizi görüb gülümsündü. Dostum onu barmağı ilə çağırdı. Keşiş başını tərpədərək ötüb keçdi. Axşam zabitlər yeməkxanasında hamı oturub ciddi tərzdə və tələsə-tələsə spagetti yeyirdi, spagettini çəngələ batırıb elə qaldırırdıq ki, ucları havadan sallansın və ağıza aparmaq mümkün olsun, a da spagettini çəngələ keçirib azca qaldıran kimi ara vermədən ağzımıza soxurduq, üstündən isə səbətə geydirilmiş mətərədən şərab içirdik, – mətərə dəmir piştaxtanın üstündə ləngər vururdu, şəhadət barmağı ilə mətərənin boğazını əyən kimi, elə həmin əlində tutduğun stəkana al-qırmızı, ağızı qamaşdıran və ləzzətli şərab axırdı. Spagettini yeyəndən sonra kapitan keşişə sataşmağa başladı.
Keşiş cavan idi və tez qızarırdı, geydiyi forma da bizimki kimiydi, ancaq boz frençinin sol döş cibinin üstünə tünd qırmızı məxmərdən xaç tikilmişdi. Kapitan ancaq mənim xatirimə pozuq italyan dilində danışırdı, nədənsə belə hesab edirdi ki, bu cür hər şeyi daha yaxşı başa düşə bilərəm və heç bir şeyi ötürmərəm.
– Bu gün keşiş qız yanın gəlir deyərək kapitan keşişə və mənə baxdı.
Keşiş gülümsündü və qızardı. Başını tərpətdi. Kapitan tez-tez onu lağa qoyardı.
– Belə deyil? – kapitan soruşdu. – Mən bu gün keşiş qız yanında gördü.
– Yox, – keşiş cavab verdi. Qalan zabitlər kapitanın lağlağısı ilə əylənirdilər.
– Keşiş qız yox, – kapitan davam etdi. – Keşiş heç vaxt qız yox, – o, məni başa saldı. O, gözlərimin içinə baxa-baxa və keşişi də nəzərdən qaçırmadan stəkanımı götürüb doldurdu.
– Keşiş hər gecə öz-özünə, – ətrafdakıların hamısı gülüşdü. – Başa düşürsünüz? Keşiş hər gecə öz-özünə, – kapitan əli ilə göstərdi və ucadan qəhqəhə çəkdi. Keşiş buna zarafat kimi baxırdı.
Mayor:
– Papa istəyir ki, müharibəni avstriyalılar udsunlar, – dedi. – O, Frans-İosifi sevir. Bir baxın, görün avstriyalılar pulu hardan əldə edirlər. Mən ateistəm.
– Siz heç «Qara donuz»u oxumusuz? – leytenant soruşdu. – Mən sizdən ötrü taparam. Mənim inamımı sarsıdan bax bu kitabdır.
Keşiş:
– Bu murdar və pis kitabdır, – dedi. – Ola bilməz ki, bu doğrudan da sizin xoşunuza gəlsin.
– Çox faydalı kitabdır, – leytenant söylədi. – Orada keşişlər barədə hər şey deyilir. Sizin xoşunuza gələr, – o mənə dedi.
Mən keşişə baxıb gülümsündüm, o da şamın şöləsi üstündən mənə gülümsündü.
– Onu oxumayın, – dedi.
– Mən sizin üçün taparam, – leytenant söylədi.
Mayor:
– Bütün düşünən adamlar ateistdirlər, – dedi. – Amma mən masonluğu da qəbul etmirəm.
– Mən isə masonluğu qəbul edirəm. Bu xeyirxah təşkilatdır.
Kim isə içəri girdi və mən qapının arasından qarın neçə yağdığını gördüm.
– Madam ki, qar yağır, onda hücum olmayacaq, – dedim.
Mayor:
– Əlbəttə, olmayacaq, – dedi. – İndi məzuniyyət alsanız pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…
– Qoy o, Amalfiyə getsin, – leytenant dedi. – Mən Amalfidə-ki qohumlarıma məktub yazıb sizə verərəm. Onlar sizi öz oğul-ları kimi sevərlər.
– Qoy o, Palermoya getsin.
– Kapriyə getsə, daha yaxşıdır.
Keşiş dedi:
– Mən istərdim ki, siz Abrutssıya gedib Kaprakottada mənim qohumlarımın qonağı olaydız.
– Abrutssıya getmək ona çox da lazımmış. Orada qar buradakından da çoxdur. Kəndlilərə baxıb ləzzət alacaq? Qoy mədəniyyət və sivilizasiya mərkəzlərinə getsin.
– Elə yerə getsin ki, orada gözəl qızlar var. Mən sizə Neapoldakı adresləri verərəm. Qəşəng cavan qızlar – hamısı da analarının yanında. Ha-ha-ha!
Kapitan yumruğunu açdı, baş barmağını qaldırıb, qalanlarını Çin kölgələri göstərənlər kimi araladı. Divara onun əlinin kölgəsi düşmüşdü. O, yenə pozuq dildə danışmağa başladı.
– Siz bu cür getdi, – o, baş barmağını göstərdi, – bu cür isə qayıtdı, – o, çeçələ barmağına toxundu. Hamı güldü.
– Baxın, – deyə kapitan onlara müraciət etdi. O, yenə barmaqlarını araladı. Şamın şöləsi barmaqların kölgəsini yenə divara saldı. O, baş barmağından başlayaraq beş barmağının beşini də bir-bir saydı: sotto tenente[1 - Kiçik leytenant (italyanca).] (baş barmaq), tenente[2 - Leytenant (italyanca).] (şəhadət barmağı), capitano[3 - Kapitan (italyanca).] (orta barmaq), maggiore[4 - Mayor (italyanca).] (adsız barmaq) və tenente-colonello[5 - Podpolkovnik (italyanca).] (çeçələ barmaq). – Siz sotto-tenente kimi gedirsiniz! Siz tenente-colonello kimi qayıdırsınız.
Hamı güldü. Kapitanın Çin kölgələri çox müvəffəqiyyətli keçdi. O keşişə baxıb çığırdı.
– Keşiş hər gecə öz-özünə! – hamı güldü.
– Elə bu saat gedin məzuniyyətə, – mayor dedi.
Leytenant:
– Təəssüf ki, sizinlə birlikdə gedə bilmirəm, yoxsa hər şeyi sizə göstərərdim, – dedi.
– Geri dönəndə qramofon gətirin.
– Yaxşı opera valları gətirin.
– Karuzonu gətirin.
– Karuzonu gətirməyin. O ulayır.
– Bacarırsızsa, siz də o cür ulayın!
– O ulayır. Deyirəm sizə ki, ulayır.
– Mən istərdim ki, siz Abrutssıda olaydız, – keşiş dilləndi. Qalanların hamısı səs-küy salırdı. – Orada yaxşı ov etmək olur. Camaatımız da yaxşıdır, qış soyuq keçsə də, hava aydın və quru olur. Siz bizim evimizdə yaşaya bilərdiniz. Atam ova çox həvəskardır.
Kapitan:
– Hə, gedək, – dedi. – Biz bordelə getməli, yoxsa bağlanar.
– Gecəniz xeyrə qalsın, – keşişə dedim.
– Gecəniz xeyrə qalsın, – o, cavab verdi.

ÜÇÜNCÜ FƏSİL
Məzuniyyətdən qayıdanda, biz hələ də o şəhərdə idik. Şəhərin ətrafına indi daha çox top yığmışdılar, bahar da girmişdi. Çöllər yaşıllaşmışdı və tənəklərin üstündə kiçicik yarpaqlar açılmışdı; yol kənarındakı ağaclarda kiçik yarpaqlar göyərmişdi və dənizdən meh əsirdi. Mən şəhəri, təpəni və təpənin kənarındakı köhnə qəsri görürdüm, uzaqlarda isə yamacları azca yaşıllaşmış dağlar, boz dağlar ucalırdı. Şəhərdə toplar çoxalmışdı, bir neçə yeni hospital açılmışdı, küçələrdə ingilislərə, bəzən də ingilis qadınlarına rast gəlmək olurdu və mərmilər bir neçə evi də zədələmişdi. İsti idi, havadan bahar qoxusu gəlirdi və mən ağaclar əkilmiş və günəşin qızdırdığı xiyabandan keçdim, günəşin şəfəqləri divara düşmüşdü, gördüm ki, biz yenə həmin evdə oluruq və bu vaxt ərzində elə bil heç bir şey dəyişməmişdir. Qapı açıq idi, divarın dibindəki skamyada günün altında bir əsgər oturmuşdu, yan qapının ağzında sanitar maşını dayanıb gözləyirdi, içəri girəndə isə daş döşəmələrin və xəstəxananın qoxusunu duydum. Heç bir şey dəyişməmişdi, ancaq indi bahar idi. Mən böyük otağın qapısından baxdım və gördüm ki, mayor stolun arxasında oturub, pəncərə açıqdır və gün otağa düşür. O, məni görmürdü, bilmirdim onun yanına gedib raport verim, yoxsa əvvəlcə yuxarı qalxıb üst-başımı təmizləyim. Mən yuxarı getməyi qət etdim.
Leytenant Rinaldi ilə olduğum otaq həyətə baxırdı. Pencərə açıq idi, çarpayımın üstünə adyal salınmışdı, divardan da mənim əşyalarım, uzunsov, dəmir futlyardakı əleyhqazım, həmin qarmaqdan da polad kaskam asılmışdı. Çarpayımın ayaq tərəfində sandıqçam, sandıqçanın üstündə də yağdan parıldayan uzunboğaz qış çəkmələrim qoyulmuşdu. Mənim səkkiz tinli zağlı lüləli, rahat, gözəl tünd qoz ağacından qundağı olan Avstriya modelli tüfəngim yataqların arasından asılmışdı. Ya-dıma düşdü ki, tüfəngin teleskop nişanı sandıqçadadır. Leyte-nant Rinaldi ikinci çarpayıda uzanıb yatırdı. O, mənim ayaq səslərimi eşidib oyandı, başını yastıqdan qaldırdı.
– Ciao,[6 - İtalyanca salamlaşmaq.] – dedi. – Hə, vaxtınızı necə keçirdiz?
– Çox gözəl.
Biz bir-birimizin əlini sıxdıq, sonra o, boynumu qucaqlayıb məni öpdü.
– Uf! – dedim.
– Siz kirlisiz, – dedi. – Sizə yuyunmaq lazımdır. Hardaydız, nə edirdiz. Hamısını birdəfəyə deyin.
– Hər yerdə olmuşam. Milanda, Florensiyada, Romada, Neapolda, Villa-San-Covannidə, Messinada, Taorminada…
– Lap dəmir yolu məlumat kitabçasıdır. Hə, bəs maraqlı macəralarınız olmadı?
– Oldu.
– Harada?
– Milan, Firenze, Roma, Napoli…
– Bəsdir. Deyin görək, hamısından yaxşı harada oldu?
– Milanda.
– Çünki birinci ora getmisiz. Siz ona harada rast gəldiz? «Kova»da? Hara getdiz? Sonra necə oldu? Hamısını birdəfəyə deyin. Gecə qaldız?
– Bəli.
– Nə olsun ki. İndi bizim də burada gözəl qızlarımız var. Təzə, cəbhədə ilk dəfədirlər.
– Nə danışırsız?
– İnanmırsız? Bu gün gedərik, özünüz görərsiz. Şəhərə qəşəng və cavan ingilis qızları gəlib. İndi mən miss Barkliyə vurulmuşam. Mən sizi tanış edərəm. Ehtimal ki, mən miss Barkli ilə evlənəcəyəm.
– Mən yuyunub raport verməyə getməliyəm.
– Siz gedəndən sonra biz əl-ayağın donmasından, sarılıqdan, süzənəkdən, özünü qəsddən şikəst etməkdən, bərk və yumşaq şankrdan başqa heç bir şey bilmirik. Hər həftə qaya parçası birinə dəyib yaralayır. Əsl yaralı bir neçə nəfərdir. Gələn həftədən müharibə yenə başlayır. Daha doğrusu, ehtimal ki, yenə başlayacaq. Belə deyirlər. Necə bilirsiz, miss Barkli ilə evlənməyimə dəyər? Əlbət ki, müharibədən sonra.
– Şübhəsiz, – dedim və tası ağzınacan su ilə doldurdum.
– Axşam hamısını mənə danışarsız, – Rinaldi dedi. – İndi isə mən yatmalıyam ki, miss Barklinin yanına gedəndə təravətli və qəşəng görünüm.
Mən frençimi və köynəyimi çıxartdım və tasdakı soyuq su ilə yuyundum. Dəsmal ilə bədənimi sürtə-sürtə ətrafa boylanırdım, həm pəncərəyə və həm də yatağında gözüyumulu uzanmış Rinaldiyə baxırdım. O, qəşəng idi, mənimlə yaşıd idi, özü də Amalfidən idi. O, öz cərrah işini sevirdi və biz yaxın dost idik. Mənim nəzərlərimi hiss edərək gözlərini açdı.
– Pulunuz var?
– Var.
– Mənə əlli lirə borc verin.
Mən əllərimi silib divardan asılmış frençimin qoltuq cibindən pul kisəsini çıxartdım. Rinaldi pulu alıb bükdü, yatağından durmadan şalvarının cibinə soxdu. O gülümsündü.
– Mən miss Barkliyə pullu adam təsiri bağışlamalıyam. Siz mənim əziz sadiq dostum və maliyyə himayəçimsiz.
– Ay sizi, – dedim.
Axşam zabitlər yeməkxanasında mən keşişlə yanaşı oturmuşdum, Abrutssıya getməməyim onu bərk məyus etdi və gözləmədiyim halda o, bundan incidi. O mənim barəmdə atasına yazıbmış, onlar da mənim gəlişimə hazırlıq görübmüşlər. Bu barədə ondan çox özüm təəssüf edirdim, amma heç özüm də bilmirəm niyə getmədim. Mən ona izah etməyə çalışdım ki, onlara getməyi çox arzu edirdim, amma ortaya o qədər iş çıxdı ki, mümkün olmadı, nəhayət, o, başa düşdü və inandı ki, mən doğrudan da onlara getmək istəmişəm və sonra hər şey, demək olar, düzəldi. Mən çoxlu şərab, sonra da streqa ilə qəhvə içdim və xumarlanaraq danışmağa başladım ki, nəyə görə adam istədiyinə nail olmur; heç vaxt nail olmur.
Başqaları səs salıb mübahisəyə girişincə biz söhbət etdik. Mən Abrutssıya getmək istəyirdim. Lakin getmədim, o yerlərdə yollar buz bağlayır və dəmir kimi bərkiyir, soyuqlar düşəndə hava aydın və rütubətsiz olur, yerə düşmüş quru qar ətrafa səpələnir, qarın üstündə dovşan izləri qalır, kəndlilər rast gələrkən papaqlarını çıxarır və səni «don» deyə çağırırlar və orada yaxşı ov olur. Mən bu yerlərə getmədim, getdiyim yer-lərdə isə boğanaq kafelər var idi, gecələr otaq adamın başına fırlanırdı, otağın dayanması üçün divara baxmalı olurdun, ge-cələr sərxoş halda yatağa girirsən, həm də bilirsən ki, bundan başqa daha heç bir şey yoxdur, sonradan ayılanda isə yanında yatanın kim olduğunu bilməməyin sənə elə qəribə gəlir ki, eyş-işrət içində dünya sənə xəyali görünür və səni elə bərk həyə-cana salır ki, gecə vaxtı bilmədən və düşünmədən qəti əmin olursan ki, hər şeyi indidən başlamaq lazımdır. Bu vaxt birdən dərin düşüncələrə qapılır və yuxuya gedirsən, bəzən səhər oyanıb görürsən ki, nə vardısa, artıq yoxdur, özü də bu çox kobud şəkildə, açıq və aydın nəzərə çarpır, bəzən də haqq üstündə mübahisə olur. Bəzən hər halda hələ yaxşı keçir, isti olur, uzanıb xumarlanırsan, səhər yeməyi və nahar da olur. Bə-zən heç xoş bir şey olmur və tezliklə küçəyə çıxmağına sevinir-sən, lakin ertəsi gün yenə də eyni şey təkrar edilir, o biri gecə də həmçinin. Mən çalışırdım ki, gecələr haqqında və həmçinin gündüz ilə gecənin fərqindən danışım, həm də soyuq və aydın gündüzdən gecənin nə üçün yaxşı olduğunu söyləyim, lakin indi danışa bilmədiyim kimi, mən bunu o vaxt da danışa bilmədim. Əgər siz də belə şeylər görmüsüzsə, onda başa düşərsiz. O belə şeylər görməsə də, başa düşdü ki, mən doğrudan da Abrutssıya getmək istəmişəm, amma getməmişəm, bir çox cəhətdən bir-birimizə oxşasaq da və tamam başqa-başqa adamlar olsaq da, biz dost olaraq qaldıq. O, həmişə mənim bilmədiyim şeyləri bilərdi və bildikdən sonra həmişə unutmağa hazır idi. Mən bunu ancaq sonralar başa düşdüm, o vaxtlar isə başa düşmürdüm. Biz hələ də yeməkxanada oturmuşduq. Hamı yeyib qurtarmışdı, ancaq mübahisə etməkdə idilər. Keşişlə mən susurduq, bu vaxt kapitan çığırdı:
– Keşiş darıxır. Keşiş qızsız darıxır.
– Mən darıxmıram, – keşiş söylədi.
– Keşiş darıxır. Keşiş istəyir ki, müharibəni avstriyalılar udsunlar, – kapitan dedi. Qalan adamlar susurdular. Keşiş başını tərpətdi.
– Yox, – dedi.
– Keşiş istəmir ki, biz hücuma keçək. Doğrudanmı siz istəmirsiz ki, biz hücuma keçək?
– Yox. Madam ki, müharibə gedir, məncə biz hücuma keçməliyik.
– Hücuma keçməliyik. Hücuma keçəcəyik.
Keşiş başı ilə təsdiq etdi.
– Əl çəkin ondan, – mayor dilləndi. – O, yaxşı oğlandır.
– Hər halda o, burada heç bir şey edə bilməz, – kapitan cavab verdi. Biz hamımız qalxıb stolun arxasından çıxdıq.

DÖRDÜNCÜ FƏSİL
Səhər məni qonşu bağdakı batareya səsi oyatdı və gördüm ki, pəncərəyə gün düşüb, yatağımdan qalxdım. Pəncərəyə yanaşıb bayıra boylandım. Cığırlardakı çınqıllar yaş idi və otlar şehdən islanmışdı. Batareya iki yaylım atəşi açdı və hər dəfə də partlayış olurmuş kimi hava titrədi, bunun təsirindən pəncərə şüşələri cingildədi, mənim də pijamamın ətəkləri yelləndi. Toplar görünmürdü, mərmilər isə ehtimal ki, lap başımızın üstündən ötüb keçirdi. Batareyanın lap yaxında olması pis təsir bağışlayırdı, lakin özümüzə təskinlik verirdik ki, bu toplar ən ağır toplar deyil. Pəncərəyə baxanda, yola çıxan yük maşınının gurultusunu eşitdim. Geyinib aşağı düşdüm və mətbəxdə qəhvə içib qaraja getdim.
Uzun talvarın altında sıra ilə on maşın düzülmüşdü. Bunlar nəhəng kuzovlu kəsikburun sanitar avtomobilləri idi, mebeldaşıyan furqonlar kimi boz rənglənmişdi. Mexaniklər həyətdə dayanan belə bir maşınla əlləşirdilər. Daha üç maşın dağlarda, sarğı məntəqələrində idi.
– Bu batareya atəş altında olurmu? – Mən mexaniklərin birindən soruşdum.
– Yox, signor tenente[7 - Cənab leytenant (italyanca).]. Onun qabağını təpə saxlayır.
– İşləriniz necədir?
– Pis deyil. Bu maşın heç bir şeyə yaramır, qalanları isə saz-dır, – O, işini saxlayıb gülümsündü. – Siz məzuniyyətdə idiniz?
– Bəli.
O, əlini sviterinə sürtüb dodaqaltı güldü.
– Vaxtınız yaxşı keçdi?
Onun yoldaşları da gülümsəyirdilər,
– Pis olmadı, – dedim. – Bu maşına nə olub?
– Heç bir şeyə yaramır. Gah orası xarab olur, gah burası.
– İndi nə olub?
– Porşen halqalarını dəyişmək lazımdır.
Motor açıldığından və hissələr ayaqyerinə yığıldığından maşın soyulmuş və korlanmış kimi görünürdü, mən onları maşının yanında qoydum, talvarın altına keçib bütün maşınları bir-bir nəzərdən keçirdim. Maşınlar nisbətən təmiz idi, bəziləri lap təzəcə yuyulmuşdu, o biriləri isə azca tozlu idi. Mən şinləri diqqətlə nəzərdən keçirib daşa dəyərək kəsilən və cızılan yerləri axtardım. Elə bil ki, hər şey öz qaydasında idi. Mənim burada olub-olmadığımdan və hər şeyə özümün nəzarət edib-etməməyimdən, görünür, heç bir şey dəyişməmişdi. Mən elə təsəvvür edirdim ki, maşınların vəziyyəti, bu və ya digər hissələrin gətirilməsi imkanı, xəstə və yaralıların dağlardakı sarğı məntəqələrindən fasiləsiz daşınması, onların bölgü məntəqələrinə gətirilməsi, sonra da sənədlərdə göstərildiyi kimi, hospitallarda yerləşdirilməsi xeyli dərəcədə məndən asılıdır. Amma görünür, mənim burada olub-olmamağımın əhəmiyyəti yox imiş.
– Hissələr tapmaqda bir çətinliyiniz olub? – Mən baş mexanikdən soruşdum.
– Xeyr.
– Yanacaq anbarı indi hardadır?
– Elə həmin yerdə.
– Çox gözəl, – dedim, evə qayıdıb zabitlərin yeməkxanasında bir fincan da qəhvə içdim. Qəhvə açıq-boz rəngdə idi, qatılaşmış süd töküldüyündən şirindi. Gözəl bir yaz səhəri idi. Adamın burnunda quruluq hiss olunurdu, bu da günün isti keçəcəyini bildirirdi. Həmin gün mən dağlardakı postları gəzdim və şəhərə axşama yaxın qayıtdım.
– Görünür, mənim burada olmadığım müddətdə işlər düzəlmişdi. Eşitdim ki, tezliklə hücumun başlanacağı gözlənilir. Bizim xidmət göstərdiyimiz diviziya çayın yuxarılarında hücuma keçməli idi və mayor mənə dedi ki, hücum zamanı postlara diqqət yetirim. Hücum edən hissələr dərədən yuxarıda çayı keçməli və dağın yamacı boyu səpələnməli idilər. Maşınlar üçün postları mümkün olduqca çaya yaxın yerdə seçmək və onları daldala saxlamaq lazım idi. Maşınlar üçün yeri, əlbəttə, piyada qoşun təyin etməliydi, amma elə bilirdilər ki, planı biz işləyib hazırlayırıq. Bu, sizdə hərbi fəaliyyət illüziyası yaradan amillərdən biri idi.
Mən bütün toz və çirk içində idim və yuyunmaq üçün öz otağıma keçdim. Rinaldi əlində Hüqonun ingilis qrammatikası kitabını tutaraq çarpayıda oturmuşdu. O, tam formada idi, ayaqlarına qara başmaq geymişdi, saçları parıldayırdı.
O məni görərkən:
– Çox gözəl, – dedi. – Mənimlə miss Barkliyə qonaq gedə-cəyik.
– Yox.
– Hə. Siz gedəcəksiz, çünki mən sizdən xahiş edirəm, özü də elə edin ki, onun xoşuna gələsiz.
– Hə, yaxşı. Amma qoyun özümü bir qaydaya salım.
– Yuyunun və elə bu cür də gedin.
Mən yuyundum, saçlarımı daradım, biz getməyə hazırlaşdıq.
Rinaldi:
– Dayanın, – dedi, – içsək, pis olmaz. – O öz sandıqçasını açıb butulkanı çıxartdı.
– Ancaq streqa olmasın, – dedim.
– Yox. Qrappadır.
– Yaxşı.
O, iki stəkan tökdü, biz şəhadət barmağımızı ayıraraq, stəkanlarımızı bir-birinə vurduq. Qrappa çox tünd idi.
– Adama birini də?
– Yaxşı, – dedim. Biz qrappadan ikinci stəkanı da içdik. Rinaldi butulkanı götürdü və biz aşağı düşdük. Şəhərdə gedərkən isti idi, ancaq gün əyildiyindən hava adama xoş gəlirdi. İngilis hospitalı hansı bir almanınsa müharibədən əvvəl tikdirdiyi böyük villada yerləşirdi. Miss Barkli bağda idi. Onunla başqa bir şəfqət bacısı da var idi. Biz ağacların arxasından onların ağ formalarını gördük və birbaş onların yanına getdik. Rinaldi hərbi qaydada salam verdi. Mən də salam verdim, ancaq bir az təmkinlə.
– Salam, – Barkli dedi. – Siz, gərək ki, italyan deyilsiz?
– Xeyr.
Rinaldi o biri şəfqət bacısı ilə danışırdı. Onlar gülüşürdülər.
– İtaliya ordusunda qulluq etmək – çox qəribədir.
– Əslində, axı, bu, ordu deyil. Bu, ancaq sanitar dəstəsidir.
– Hər halda qəribədir. Niyə belə eləmisiz?
– Bilmirəm, – dedim. – Elə şeylər var ki, bunları izah etmək olmur.
– Doğrudan? Amma məni həmişə başa salırdılar ki, belə şeylər yoxdur.
– Bu çox xoşdur.
– Biz mütləq bu cür danışmalıyıq?
– Xeyr, – dedim.
– Şükür allaha.
– Sizdəki bu əl ağacı nədir? – soruşdum.
Miss Barklinin boyu xeyli hündür idi. O ağ paltar geyinmişdi, mən bu paltarı şəfqət bacısının forması kimi başa düşmüşdüm, o, sarışın idi, dərisi qızılı rəngə çalırdı, qonur gözləri var idi. O, mənə çox gözəl göründü. Əlində liana çubuğundan nazik əl ağacı var idi, oyuncaq qamçıya oxşayırdı.
– Bu bir zabitindir, onu keçən il öldürdülər.
– Bağışlayın…
– O çox yaxşı oğlan idi. Mən ona ərə getməli idim, onu Sommada öldürdülər.
– Ora əsl sallaqxana idi.
– Siz orada idiniz?
– Xeyr.
– Mənə danışıblar. – qız dedi. – Burada müharibə heç də o cür deyil. Bu balaca əl ağacını da mənə göndərdilər. Onun anası göndərdi. Bunu onun başqa şeyləri ilə birlikdə qaytarmışdılar.
– Siz çoxmu nişanlı qaldız?
– Səkkiz il. Biz bir yerdə böyümüşük.
– Bəs nə üçün qabaqca ona ərə getmədiz?
– Özüm də bilmirəm, – qız dedi, – Çox ağılsızlıq elədim. Mən bunu heç olmasa onun xatirinə edə bilərdim. Fəqət elə bilirdim ki, bu cür onun üçün daha pis olar.
– Başa düşürəm.
– Siz heç sevmisiz?
– Yox, – dedim.
– Biz skamyada əyləşdik və mən ona baxdım.
– Sizin gözəl saçlarınız var, – dedim.
– Xoşunuza gəlirmi?
– Çox.
– O öləndə mən bunları kəsmək istədim.
– Nə danışırsınız.
– İstəyirdim ki, ondan ötrü heç olmazsa bir şey edim. Mən belə şeylərə əhəmiyyət vermirdim; o nə istəsəydi edə bilərdi. O nə istəsəydi ona nail ola bilərdi, amma əgər başa düşsəydim. Mən ona ərə gedərdim, ya da elə-belə. İndi mən bunların hamısını başa düşürəm. Lakin o vaxt o, müharibəyə getməyə hazırlaşırdı, mən isə heç bir şey başa düşmürdüm.
Mən susurdum.
– Mən o vaxt, ümumiyyətlə, heç bir şey başa düşmürdüm. Mən elə bilirdim ki, bu cür onun üçün daha pis olar. Mən elə bilirdim ki, bəlkə o, buna tab gətirmədi. Sonra isə onu öldürdü-lər, indi hər şey bitdi.
– Kim bilir.
– Bəli, bəli, – o dedi. – İndi hər şey bitib.
Biz o biri şəfqət bacısı ilə söhbət edən Rinaldiyə nəzər saldıq.
– Onun adı nədir?
– Ferqyuson. Sizin dostunuz, gərək ki, həkimdir?
– Bəli. O, çox yaxşı həkimdir.
– Çox yaxşı. Cəbhə yaxınlığında yaxşı həkimə az rast gəlmək olur. Axı, bura lap cəbhəyanı xətdir, elə deyilmi?
– Əlbəttə.
– Axmaq cəbhədir, – qız dedi. – Amma bura çox qəşəng yer-dir. Nə deyirlər, hücum olacaq?
– Bəli.
– Onda bizim də işimiz olacaq. İndi heç bir iş yoxdur.
– Siz çoxdanmı şəfqət bacısı işləyirsiz?
– On beşinci ilin axırından. O, gedən kimi, mən də getdim. Yadımdadır, başıma belə bir axmaq fikir gəlmişdi ki, o mənim işlədiyim hospitala düşəcək. Qılınc zərbəsindən yaralanmış, başı sarınmış, ya da çiynindən yaralanmış halda. Nə isə, ro-mantik bir şey.
– Bura ən romantik cəbhədir, – dedim.
– Bəli, – qız dedi. – Adamlar təsəvvür edə bilmirlər ki, Fransada müharibə nə deməkdir. Əgər onlar təsəvvür etsəydilər, bu cur davam edə bilməzdi. O, qılınc zərbəsindən yaralanmadı. O, tikə-tikə oldu.
Mən susurdum.
– Siz elə bilirsiz ki, bu həmişə davam edəcək?
– Yox.
– Bəs nə olacaq?
– Bir yerdə üzüləcək.
– Biz üzüləcəyik. Biz Fransada üzüləcəyik. Sommadakı kimi işlər törədəndən sonra, üzülməmək olmaz.
– Burada üzülməz, – dedim.
– Elə güman edirsiz?
– Bəli, keçən yayda hər şey yaxşı gedirdi.
– Üzülə bilər, – qız dedi, – hər yerdə üzülə bilər,
– Almanlarda da.
Qız:
– Yox, – dedi. – Güman etmirəm.
Biz, Rinaldi və miss Ferqyusona yaxınlaşdıq.
– Siz İtaliyanı sevirsizmi? – Rinaldi ingiliscə miss Ferqyu-sondan soruşdu:
– Bura pis deyil.
– Başa düşmürəm. – Rinaldi başını yırğaladı.
– Abbastanza bene[8 - Pis deyil (italyanca).], – tərcümə etdim. O, başını tərpətdi.
– Yaxşı deyil. Siz İngiltərəni sevirsizmi?
– Çox yox. Bilirsizmi, mən şotlandiyalıyam.
Rinaldi sualedici nəzərlə mənə baxdı.
– O, şotland qızıdır, buna görə də İngiltərədən çox Şotlan-diyanı sevir, – mən italyanca cavab verdim.
– Axı, Şotlandiya da İngiltərədir.
Mən onun sözlərini miss Ferqyusona tərcümə etdim.
– Pas encore[9 - Hələ yox (fransızca).], – miss Ferqyuson cavab verdi.
– Hələ yox?
– Heç vaxt da olmayacaq. Biz ingilisləri sevmirik.
– İngilisləri sevmirsiz? Miss Barklini sevmirsiz?
– Axı, bu tamam başqa şeydir. Bu cür hərfi mənada başa düşmək olmaz.
Bir az sonra biz vidalaşıb getdik. Evə gedərkən yolda Rinaldi dedi:
– Miss Barklinin məndən çox sizdən xoşu gəldi. Bu, gün kimi aydındır. Amma o şotland qızı da qəşəngdir.
– Çox, – dedim. Mən o qıza fikir verməmişdim, – O sizin xoşunuza gəlir?
– Yox, – Rinaldi dedi.

BEŞİNCİ FƏSİL
Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. O bağda deyildi, buna görə də mən villanın yan qapısına tərəf döndüm, sanitar maşınları da ora gəlirdi. İçəri girib hospitalın baş şəfqət bacısını gördüm, o mənə dedi, Barkli növbətçidir.
– Bilirsizmi, müharibədir.
Dedim ki, bilirəm.
– Siz italyan ordusunda qulluq edən həmin amerikalısız? – soruşdu.
– Bəli, mem.
– Axı, bu necə olub? Niyə bəs bizə gəlmədiz?
– Özüm də bilmirəm. – dedim. – Bəs indi sizin yanınıza keç-mək olar?
– Qorxuram ki, indi mümkün olmasın. Deyin, niyə italyan ordusuna getmisiz?
– Mən İtaliyada yaşamışam, – dedim, – özü də italyanca danışıram.
– O! – qız dedi. – Mən italyancanı öyrənirəm. Çox gözəl dildir.
– Deyirlər ki, onu iki həftəyə öyrənmək olar.
– Xeyr, mən iki həftəyə öyrənə bilmərəm. Mən artıq neçə aydır ki, məşğul oluram. Əgər onu görmək istəyirsizsə, saat yeddidən sonra gələ bilərsiz. O vaxta qədər növbədən çıxar. Ancaq rast gəldiyiniz hər italyanı özünüzlə gətirməyin.
– Dillərinin gözəl olmasına baxmayaraq?
– Bəli. Hətta gözəl mundirlərinə də baxmadan.
– Xudahafiz, – dedim.
– A rivederci, tenente[10 - Xudahafiz, leytenant (italyanca).].
– A rivederla, – hərbi salam verib çıxdım. İtaliyada əcnəbi-lərə hərbi salam verildiyi kimi salam verərkən özünü itirməmək mümkün deyil. Görünür, italyan adətilə salam vermək eksport üçün nəzərdə tutulmayıb.
İsti bir gün idi. Səhər mən çayın yuxarılarına, Plava tərəfdəki körpüqabağı istehkamlara getmişdim. Oradan hücum başlamalı idi. Keçən il o sahil ilə hərəkət etmək mümkün deyildi, çünki dağ keçidindən ponton körpüsünə gedən yeganə yol, demək olar, bir mil məsafədə pulemyot və top atəşi altına düşürdü. Bundan başqa, bu yol hücumdan ötrü lazım olan bütün nəqliyyatın hərəkəti üçün kifayət qədər geniş deyildi və buna görə də avstriyalılar orada əsl qırğın törədə bilərdilər. Lakin italyanlar çayı keçib, sahil boyu hər iki tərəfə doğru irəliləmişdilər, indi də çayın Avstriya sahilində bir mil yarım sahəni əllərində saxlayırdılar. Bu, onlara təhlükə doğuracaq üstünlük verirdi, odur ki, avstriyalılar onlara orada möhkəmlənməyə imkan verməməliydilər. Mən elə güman edirəm ki, bu məsələdə hər iki tərəfin dözümlülüyü özünü büruzə verirdi, çünki çayın aşağılarındakı o biri körpüqabağı istehkam, hələ də avstriyalıların əlində idi. Avstriyalıların səngərləri aşağıda, dağın yamacında, italyanların mövqelərindən cəmi bir neçə yard aralıdaydı. Əv-vəllər sahildə şəhərcik var idi, lakin onun tozunu göyə sovur-muşdular. Bir az o tərəfdə dəmir yolu stansiyasının xarabalıq-ları və dağıdılmış körpü vardı ki, onu düzəldib istifadə etmək mümkün deyildi, çünki o hər tərəfdən görünürdü.
Mən ensiz yol ilə aşağı, çaya tərəf getdim, maşını təpənin altındakı sarğı məntəqəsində qoyub, qarşısını dağın kəsdiyi ponton körpüsünü keçdim və dağılmış şəhərciyin yerindəki və yamacın ətəyindəki səngərləri dövrə vurdum. Hamı blindaj-larda idi. Mən üst-üstə qalanıb hazırlanmış fişəngləri gördüm, bunlardan artilleriyanı kömək üçün atəş açmağa səsləməkdən və rabitə qırılarkən siqnaldan ötrü istifadə edirdilər. Ətraf sakit, isti və palçıq idi. Mən məftil maneələrin ardında avstriyalıların mövqelərinə baxdım. Heç kəs görünmürdü. Mən blindajlardan birində tanış kapitanla birlikdə bir az içdim və körpü ilə geri döndüm.
Dağdan aşaraq ziqzaq ilə körpüyə enən yeni geniş yol çəkilib qurtarmaqda idi. Bu yol çəkilib qurtaran kimi hücum başlan-malı idi. Yol sərt dönərək meşədən keçirdi. Plan belə idi. Hər şeyi yeni yol ilə gətirməli, boş yük maşınları və arabalar, yaralıları daşıyan sanitar maşınları və geriyə dönən bütün nəqliyyat isə köhnə ensiz yol ilə hərəkət etməli idi. Sarğı məntəqəsi Avstriya sahilindəki təpənin altında idi və yaralılar ponton körpüsü vasitəsilə xərəklə daşınmalıydı. Bu qaydanı hücum başlanandan sonra da saxlamaq nəzərdə tutulmuşdu. Mənə elə gəlirdi ki, enişin qurtardığı yerdə yeni yolun bir mildən bir az artıq məsafəsi avstriyalıların top atəşi altına düşməli idi. İş pis ola bilərdi. Lakin mən elə bir yer tapdım ki, axırıncı təhlükəli məsafəni vurub keçəndən sonra və yaralıları ponton körpüdən keçirib gətirənə kimi maşınları orada gizlət-mək mümkün olsun. Mən maşınla yeni yoldan getmək istəyir-dim, amma yol hələ hazır deyildi. Yol geniş idi, hər işə yaxşı yarayırdı, yolun döngələri dağın meşəli yamacındakı qabağı açıq olan yerlərdə çox mənzərəli görünürdü. Güclü tormozları olan maşınlar üçün eniş çətin olmayacaq, hər halda bu maşınlar aşağı boş gedəcəkdi. Mən ensiz yol ilə geriyə döndüm.
Karabiner maşını saxladı, irəlidə, yolda mərmi partladı, biz orada dayandığımız zaman daha üç mərmi partladı. Bunlar 77 millimetrlik mərmilər idi, mərmilər havada olarkən bunların vıyıltısı, sonra bərk, qısa partlayış eşidildi, alov göründü və boz tüstü yolu bürüdü. Karabinerlər bizə işarə verdilər ki, yolumuza davam edək. Maşın partlayış olan yerlərə yaxınlaşarkən kiçik çuxurların yanından dolanıb gilin, daşın və təzəcə parçalanmış çaxmaqdaşının iyini duydum. Mən Qorisiyaya, villamıza qayıtdım və dediyim kimi, hələ növbədə olan miss Barklinin yanına getdim.
Günorta yeməyini çox tez yedim və o saat da yenidən ingilis hospitalının yerləşdiyi villaya getdim. Villa çox böyük və qə-şəng idi və evin qarşısında gözəl ağaclar ucalırdı. Miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunla idi. Elə bil gəlişimdən sevindilər, bir az sonra miss Ferqyuson üzr istəyib qalxdı.
– Sizi ikilikdə qoyuram. – dedi. – Siz mənsiz çox yaxşı keçi-nirsiz.
Miss Barkli:
– Ellen, getməyin, – dedi.
– Yox, mən gedirəm. Mən məktub yazmalıyam.
– Gecəniz xeyrə qalsın, – dedim.
– Gecəniz xeyrə qalsın, mister Henri.
– Elə şey yazmayın ki, senzor təftiş eləsin.
– Narahat olmayın. Mən ancaq necə gözəl yerdə yaşadığı-mızdan və bütün italyanların necə igid olduqlarından yazıram.
– Bu qaydada davam edin, onda orden alarsız.
– Çox şad olaram. Gecəniz xeyrə qalsın, Ketrin.
Miss Barkli:
– Bir azdan sizə baş çəkəcəyəm, – dedi. Miss Ferqyuson qaranlıqda gözdən itdi.
– Yaxşı qızdır, – dedim.
– Əlbəttə. Çox yaxşı qızdır. O, şəfqət bacısıdır.
– Bəs siz şəfqət bacısı deyilsiz?
– Ah, yox. Mən VAD[11 - Voluntary Aid Department (ingiliscə) döyüşən orduya xidmət edən qadın korpusu.] deyilən dəstədənəm. Biz yaman çox işləyirik, amma bizə etibar etmirlər.
– Bəs niyə?
– İş olmayanda etibar etmirlər. İş çox olanda etibar edirlər.
– Bəs fərq nədədir?
Şəfqət bacısı bir növ doktordur. Çox oxumaq lazımdır. VAD-lar isə ancaq qısa müddətli kursları bitirirlər.
– Başa düşürəm.
– İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Odur ki, bizim burada xususi rejimimiz var. Biz heç yerə çıxmırıq.
– Bəs mən bura gələ bilərəm?
– Əlbəttə. Bura monastır deyil.
– Gəlin müharibəni unudaq.
– Bu o qədər də asan deyil. Belə yerdə müharibəni unutmaq çətindir. Hər halda unudaq.
– Yaxşı.
Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə çox gözəl görün-dü və mən onun əlini tutdum. Qız əlini çəkmədi, mən ona tərəf əyildim və belini qucaqladım.
– Lazım deyil, – dedi. Mən onu buraxmadım.
– Nə üçün?
– Lazım deyil.
– Lazımdır, – dedim. – Belə yaxşıdır.
Mən qaranlıqda əyildim ki, onu öpüm, ancaq nə isə ani ola-raq məni yandırdı. O, üzümə bərk bir şillə vurdu. Şillə gözləri-min və burnumun üstünə dəydi, gözlərim yaşardı.
– Bağışlayın məni, – qız dedi.
Mən öz tərəfimdə bir qədər üstünlük duydum.
– Siz düzgün hərəkət etdiz.
– Yox, siz məni bağışlayın, – o dedi. – Düzgün hərəkət etmə-dim, – şəfqət bacısı zabitlə, özü də istirahət günü axşamı. Mən sizi incitmək istəmirdim. Ağrıyır?
O, qaranlıqda mənə baxırdı. Mən acıqlı idim və eyni zaman-da şahmat oyununda olduğu kimi, hər şeyi qabaqcadan görərək özümdə inam hiss edirdim.
– Siz tamamilə düzgün hərəkət etdiz, – dedim. – Mən bir tikə də acıqlanmıram.
– Zavallı!
– Bilirsizmi, mən çox mənasız həyat sürürəm. Hətta ingiliscə danışmağıma da ehtiyac qalmır. Bir də siz çox gözəlsiniz.
Mən ona baxırdım.
– Bütün bunları mənə niyə deyirsiz? Mən ki, sizdən üzr istədim. Biz artıq barışmışıq.
– Elədir, – dedim. – Bir də daha müharibədən danışmırıq.
O güldü. Onun necə güldüyünü birinci dəfə görürdüm.
Mən gözümü onun gözünə dikmişdim.
– Siz yaxşı oğlansız, – qız dedi.
– Heç də yox.
– Hə, siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm?
Mən onun gözlərinin içinə baxdım, yenə belini qucaqlayıb onu öpdüm. Mən onu bərk-bərk öpdüm və özümə möhkəm sıxaraq dodaqlarını aralamağa çalışdım; dodaqları bərk yumul-muşdu. Mən hələ də acıqlı idim, buna görə də onu özümə sıxanda birdən diksindi, mən onu bərk-bərk sıxırdım və ürəyi-nin necə döyündüyünü hiss edirdim, bu vaxt onun dodaqları aralandı və başı qolumun üstünə düşdü, başa düşdüm ki, başını çiynimə qoyub ağlayır.
– Əzizim! – dedi. – Siz mənimlə həmişə yaxşı dolanacaqsız, eləmi?
«Lənət şeytana», – fikirləşdim. Mən onun saçlarını oxşadım və əlimi kürəyinə döydüm. O ağlayırdı.
– Doğrudan, yaxşı dolanacaqsız? – Qız gözlərini mənə zillə-di. – Çünki bizim həyatımız çox qəribə olacaq.
Bir az sonra mən onu villanın qapısına qədər ötürdüm, o içəri girdi, mən isə evə yollandım. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.
– Deməli, miss Barkli ilə işləriniz düzəlir?
– Mən onunla dostam.
– İndi siz ovdakı köpəyə oxşayırsız.
– Mən başa düşmədim. Nəyə?
O, başa saldı.
– Siz özünüz köpəyə oxşayırsız… – dedim.
– Bəsdir, – dedi. – Bir az da keçsə, biz bir birimizə pis şeylər deyərik. – O güldü.
– Gecəniz xeyrə qalsın, – dedim.
– Gecəniz xeyrə qalsın, kefcil oğlan.
Mən balışla onun şamını vurub yıxdım və qaranlıqda yerimə uzandım. Rinaldi şamı qaldırıb yandırdı və mütaliəsinə davam etdi.

ALTINCI FƏSİL
İki gün mən postlara baş çəkdim. Evə qayıdanda artıq çox gec idi və miss Barkli ilə ancaq o biri gün axşam görüşə bildim. O, bağda deyildi, buna görə də o, aşağı düşənəcən, mən hospitalın dəftərxanasında gözləməli oldum. Dəftərxananın yerləşdiyi otağın divarları önündəki rənglənmiş taxta postamentlərin üstündə çoxlu mərmər büstlər qoyulmuşdu. Dəftərxananın qarşısındakı vestibüldə də belə büstlər var idi. Mərmər heykəllər öz ümumi xüsusiyyətlərinə görə elə bil eyni sifətdən götürülmüşdü. Heykəllər həmişə məni kədərləndirir; tunc heykəl olsa yenə dərd yarıdır, amma mərmər büstlər mütləq mənə qəbiristanlığı xatırladır. Yeri gəlmişkən deyim ki, Pizada gözəl bir qəbiristanlıq var. Ən çox pis mərmər büstlər Genuyadadır. Bu villa əvvəllər varlı bir almana məxsus imiş və görünür bu büstlər ona çox ucuz başa gəlməyib. Maraqlıdır, görəsən bu əsərlər kimindir və bunlara nə qədər pul verilib. Mən bunların ata-babalara və ya başqalarına aid olduğunu müəyyən etməyə çalışdım; lakin onların hamısının yeknəsək – klassik görkəmi var idi. Onlara baxarkən bir şey anlamaq mümkün deyildi.
Mən kepimi əlimdə tutub stulda oturmuşdum. Biz hətta Qorisiyada da polad kaska geyməliydik, amma bu kaskalar narahat idi və hələ mülki əhalisi köçürülməmiş şəhərdə saxta və pis təsir bağışlayırdı. Mən postlara gedərkən öz kaskamı geyirdim və bundan əlavə, yanımda ingilis əleyhqazı – o vaxt adlandırıldığı kimi, qaz əleyhinə maska olurdu. Biz bunları təzəcə almağa başlamışıq. Bunlar doğrudan da maskaya oxşayırdı. Biz hamımız yanımızda avtomat tapançalar gəzdirməliydik; bu hətta sanitar hissələrin həkimlərinə və zabitlərinə də aid idi. Mən stolun söykənəcəyinə yaslanarkən tapançamı hiss edirdim. Kimi tapançasız görsəydilər, onu həbs edirdilər. Rinaldi tapança əvəzinə koburu tualet kağızı ilə doldururdu. Mən aldatmadan tapançamı özümlə gəzdirirdim və nə qədər ki, tapança atmırdım, özümü silahlı hiss edirdim. Bu, «astra» sistemli, 7,65 kalibrli və qısa lüləli tapança idi, tətiyini çəkərkən elə atılırdı ki, hədəfi vurmaq qətiyyən mümkün olmurdu. Atmağa öyrənərkən hədəfdən aşağı nişan alırdım və yöndəmsiz lülənin titrəməməsinə çalışırdım, nəhayət iyirmi addımdan nişan alarkən, nəzərdə tutulmuş hədəfdən bir yarddan arası olmayan nöqtəni vurmağı öyrənəndə birdən mənə aydın oldu ki, tapança gəzdirmək mənasızdır, buna görə çox çəkmədən tapançanı unutdum, tapança da arxadan kəmərimdən asılı qalaraq tərpənir və məndə heç bir hiss oyatmırdı, ancaq ingilisləri və amerikanları görərkən azacıq xəcalət çəkirdim. İndi mən stulda oturmuşdum, növbətçi dəftərxanaçı da öz stolunun arxasından acıqla mənə nəzər salırdı, mən isə miss Barklini gözləyərək mərmər döşəməyə, mərmər büstlü postamentlərə və divardakı freskalara baxırdım. Freskalar pis deyildi. Üstündəki rənglər çatlayıb tökülməyə başlayanda freskalar həmişə yaxşı olur.
Mən gördüm ki, Ketrin Barkli vestibülə girdi, ayağa durdum. O mənə tərəf gələndə boyu hündür görünmürdü, lakin o çox qəşəng idi.
– Axşamınız xeyir, mister Henri, – dedi.
– Axşamınız xeyir, – dedim. Stol arxasındakı dəftərxanaçı bizə qulaq asırdı.
– Burada oturaq, yoxsa bağa çıxaq?
– Gəlin çıxaq. Bağ daha sərindir.
Mən onun arxasınca qapıya tərəf getdim, dəftərxanaçı ardımızca baxırdı. Biz çınqıl tökülmüş cığırla gedəndə o dedi:
– Siz harada idiniz?
– Postlara getmişdim.
– Heç olmazsa kağız yazıb mənə xəbər verə bilməzdiniz?
– Xeyr, – dedim. – Olmadı. Güman etdim ki, həmin gün qayıdacağam.
– Əzizim, hər halda mənə xəbər vermək lazım idi.
Biz xiyabandan dönüb ağacların altındakı cığırla getdik. Mən onun əlindən tutdum, sonra dayanıb onu öpdüm.
– Biz bir yerə gedə bilmərikmi?
– Xeyr, – qız dedi. – Ancaq burada gəzə bilərik, Çoxdandır ki, yoxsuz.
– Üçüncü gündür. Amma daha qayıtmışam.
O, mənə baxdı.
– Deməli siz məni sevirsiz?
– Bəli.
– Doğrudan, axı, siz dediz ki, məni sevirsiz?
– Hə, – yalandan dedim. – Mən sizi sevirəm.
Mən bunu əvvəllər deməmişdim.
– Deməli siz mənə Ketrin deyəcəksiz?
– Ketrin.
Biz bir qədər getdik və yenə ağacın altında dayandıq.
– Deyin: gecə mən Ketrinin yanına qayıtdım.
– Gecə mən Ketrinin yanına qayıtdım.
– Əzizim, siz axı, qayıtmısız, elə deyilmi?
– Bəli.
– Mən sizi elə sevirəm ki, həm də bu ayrılıq çox dəhşətli idi. Siz daha getməyəcəksiz ki?
– Yox, Mən həmişə qayıdacağam.
– Mən sizi elə sevirəm ki. Əlinizi yenə bura qoyun.
– O həmişə buradadır.
Mən onu öpərkən üzünü görüm deyə, onu özümə tərəf çevirdim və gördüm ki, gözləri qapanıb. Mən onun qapalı gözlərindən öpdüm. Mən qət etdim ki, görünür, azca ağlı çatmır. Amma fərqi nədir? Mən bunun nə ilə qurtaracağını fikirləşmirdim. Bu hər axşam zabitlərin fahişəxanasına getmək-dən yaxşı idi – orada qızlar boynundan sallanırlar, sənə olan rəğbətini göstərməkdən ötrü digər zabitlər ilə yuxarı qalxanda sənin kepini dalqabaq geyirlər. Mən bilirəm ki, Ketrin Barklini sevmirəm və sevmək fikrində də deyiləm. Bu, bric kimi bir oyun idi, intəhası kartları sözlər əvəz edir. Bricdə olduğu kimi, özünü elə göstərmək lazımdır ki, guya pula və ya başqa bir şeyə oynayırsan. Oyuna nə qoyulduğundan bir söz deyilmirdi. Ancaq mənim üçün fərqi yox idi.
– Bir yerə getsəydik, – dedim. Bütün kişilər kimi, ayaq üstə çox dilxoşluq etməyi bacarmırdım.
– Heç yerə, – dedi. O, pərvaz etdiyi o biri aləmdən yerə qayıtdı.
– Bir az burada oturaq.
Biz yastı daş skamyanın üstündə oturduq, mən Ketrin Barklinin əlindən tutdum. Qucaqlamağa qoymadı.
– Siz çox yorulmusuz? – O, soruşdu.
– Xeyr.
O, aşağı, otlara baxırdı.
– Biz sizinlə pis bir oyuna başlamışıq.
– Nə oyun?
– Özünüzü bilməməzliyə vurmayın.
– Heç o fikirdə deyiləm də.
– Siz yaxşı oğlansız, – o dedi, – və istəyirsiz ki, mümkün qədər yaxşı oynayasız. Ancaq hər halda pis oyundur.
– Siz başqa adamların fikrini həmişə duya bilirsiz?
– Həmişə yox. Lakin sizinkini bilirəm. Özünüzü elə göstərir-siz ki, guya məni sevirsiz, buna ehtiyac yoxdur. Bu günlük bununla qurtardıq. İndi siz nə barədə danışmaq istərdiniz?
– Axı, həqiqətən mən sizi sevirəm.
– Bilirsiz nə var, ehtiyac olmadığı halda yalan danışmayaq! Siz öz rolunuzu çox gözəl oynadız, indi də hər şey öz qaydasındadır. Axı, mən lap dəli də deyiləm. Əgər oluramsa da, az oluram və tez keçir.
Mən onun əlini sıxdım.
– Ketrin, əzizim…
– «Ketrin» – indi bu nə qədər gülünc səslənir. Siz bunu həmişə bir qaydada tələffüz etmirsiz. Lakin siz çox yaxşı oğlansız. Siz çox mehribansız, çox.
– Bunu bizim keşiş də deyir.
– Bəli, siz mehribansız. Deməli, siz mənim yanıma gələcəksiz?
– Əlbəttə.
– Məni sevdiyinizi deməyə ehtiyac yoxdur. Buna hələlik son qoyduq. – O qalxıb əlini uzatdı. – Gecəniz xeyrə qalsın.
Mən onu öpmək istədim.
– Yox, – dedi. – Mən çox yorğunam.
– Hər halda öpün məni, – dedim.
– Mən çox yorğunam, əzizim.
– Öpün məni.
– Çoxmu istəyirsiz?
– Çox.
Biz öpüşdük, amma o birdən çırpınıb çıxdı.
– Lazım deyil. Gecəniz xeyrə qalsın, əzizim.
Biz qapıya qədər getdik, sonra mən onun kandarı necə keçdiyini və vestibül ilə yeridiyini gördüm. Onun hərəkətlərinə baxmaqdan xoşum gəlirdi. O, dəhlizdə gözdən itdi. Mən evə yollandım. Bürkülü gecə idi, yuxarılardan, dağlardan bir an belə səs kəsilmirdi. San-Qabrieldə partlayışların parıltısı görünürdü.
«Villa-Rossa» qarşısında ayaq saxladım. Pəncərə qapıları bağlı idi, lakin içəridə hələ də hay-küy idi. Kim isə oxuyurdu. Mən öz otağıma qalxdım. Soyunduğum vaxt Rinaldi içəri girdi.
– Aha, – o dedi. – İş gətirmir. Bebi pərtdir.
– Siz hardaydız?
– «Villa-Rossa»da. Cana çox xeyri var, bebi. Biz xor oxuyurduq. Bəs siz haradaydız?
– İngilislərin yanına getmişdim.
– Şükür allaha ki, mən ingilislərə qoşulmamışam.

YEDDİNCİ FƏSİL
Ertəsi gün, birinci dağ postundan qayıdarkən maşını, yaralıların və xəstələrin öz sənədləri əsasında qeyd edilərək bu və ya digər hospitala göndərildiyi smistimento[12 - Köçürmə məntəqəsi (italyanca).] yanında saxladım. Maşını özüm sürürdüm və sükanın arxasında oturub gözlədim, şofer isə sənədləri qeyd etməyə apardı. İsti bir gün idi, səma gömgöy və aydın idi, yol isə ağ və tozlu idi. Mən Fiatın hündür oturacağında əyləşmiş və heç bir şey fikirləşmirdim. Yanımdan yol ilə polk keçirdi və mən cərgələrin necə addımladığına baxırdım. Adamlar istidən üzülmüş və tərləmişdilər. Bəziləri polad kaskalarda idilər, çoxusu isə kaskanı arxa çantaya bağlamışdı. Kaskalar bir çoxunun başına lap böyük idi və demək olar, qulaqlarını da örtürdü. Zabitlərin hamısı kaska qoymuşdu, lakin bunları başlarının ölçüsünə görə seçmişdilər. Bu, Bazilikatın briqadasının hissəsi idi. Mən onları zolaqlı ağ-qırmızı nişanlarından tanıdım. Polk artıq çoxdan keçmişdi, lakin öz manqaları ilə addımlamağa taqətləri olmayıb geri qalanlar hələ də yanımdan ötüb gedirdilər. Onlar əldən düşmüşdülər, hamı tər və toz içində idi. Bəziləri lap xəstəyə bənzəyirdi. Geri qalanların axırıncısı keçib gedəndən sonra yolda bir əsgər də göründü. O dayandı və yolun kənarında oturdu. Mən maşından çıxıb ona yanaşdım.
– Sizə nə olub?
O mənə baxdı, sonra ayağa durdu.
– İndicə gedirəm.
– Axı, nə olub?
– Hamısı müharibədəndir, onu lap…
– Ayağınıza nə olub?
– İş ayaqda deyil. Mənim qrıjam var.
– Bəs nə üçün piyada gedirsiz? – soruşdum. – Niyə hospital-da deyilsiz?
– Buraxmırlar. Leytenant deyir ki, bandajı bilə-bilə atmışam.
– Göstərin mənə.
– Bayıra çıxır.
– Hansı tərəfdən?
– Bax buradan.
Mən onun qarnını yoxladım.
– Öskürün, – dedim.
– Birdən daha da pis olar. Onsuz da səhərkindən iki dəfə böyüyüb.
– Maşına əyləşin, – dedim. – Mənim yaralılarımın kağızları hazır olan kimi, sizi özüm aparıb sanitar hissəyə təhvil verəcəyəm.
– O deyəcək ki, bilə-bilə eləmişəm.
– Burada onlar bəhanə tapa bilməzlər, – dedim. – Bu, yara deyil. Bu sizdə əvvəllər də olmuşdur?
– Axı, mən bandajı itirmişəm.
– Sizi hospitala göndərərlər.
– Tenente, olmaz ki, sizin yanınızda qalım?
– Xeyr. Məndə sizin sənədiniz yoxdur.
Şofer qapıda göründü, əlində bizim apardığımız yaralıların sənədlərini tutmuşdu.
– Dördünü yüz beşinciyə. İkisini yüz otuz ikinciyə, – dedi. Bunlar o biri sahildəki hospitallar idi.
– Keçin sükanın arxasına, – dedim.
Qrıjası olan əsgərə kömək etdim və o, oturacağa qalxıb yanımızda əyləşdi.
– Siz ingiliscə danışırsız? – o soruşdu.
– Bəli.
– Bu lənətə gəlmiş müharibə haqqında nə deyə bilərsiniz?
– İyrənc şeydir.
– Hələ bir iyrənc də olmasın, lənətə gəlmiş. Hələ iyrənc də olmasın.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386210) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Kiçik leytenant (italyanca).

2
Leytenant (italyanca).

3
Kapitan (italyanca).

4
Mayor (italyanca).

5
Podpolkovnik (italyanca).

6
İtalyanca salamlaşmaq.

7
Cənab leytenant (italyanca).

8
Pis deyil (italyanca).

9
Hələ yox (fransızca).

10
Xudahafiz, leytenant (italyanca).

11
Voluntary Aid Department (ingiliscə) döyüşən orduya xidmət edən qadın korpusu.

12
Köçürmə məntəqəsi (italyanca).
Əlvida silah Эрнест Миллер Хемингуэй

Эрнест Миллер Хемингуэй

Тип: электронная книга

Жанр: Литература 20 века

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Əlvida silah, электронная книга автора Эрнест Миллер Хемингуэй на азербайджанском языке, в жанре литература 20 века

  • Добавить отзыв