Azərbaycan şairi Nizami
Məhəmməd Əmin Rəsulzadə
"Azərbaycan şairi Nizami" – Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri.
M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir.
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan şairi Nizami
AZƏRBAYCAN RESPUBLİKASINA ƏRMAĞANDIR
Məhəmməd Əmin Rəsulzadə
2019-CU İL ÇAPINA ÖN SÖZ
Azərbaycan Türklərinin ulusal ideologu Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” bitiyi Azərbaycandan, “dünya goşucularının öyrətməni” Nizami Gəncəlinin yaradıcılığından, böyük Türk ulusundan yazılmış ən yaxşı kültür, tarix, ideologiya anıtdır.
“Azərbaycan şairi Nizami” anıtını Pr. Dr. Rüstəm Əliyev Kiril yazısı ilə, yarımçıg da olsa, 1991-ci ildə çap etdirmişdir. Fəlsəfə elmləri doktoru Yadigar Türkel onu 2008-ci ildə, yarısı Rüstəm Əliyevin, yarısı Ankara yayımından olmaqla, Azərbaycan Türklərinin Latın yazısı ilə yayımlamışdır.
Yadigar Türkel 2011-ci ildə “Azərbaycan şairi Nizami” kültür anıtının 1951-ci il, Ankara yayımına dayanaraq, “Bitkin çapı”nı yayımlamışdır.
“Kitab Klubu”nun Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kültür anıtını yayımlamaq istəyi algışlanmalıdır. Məncə “Azərbaycan şairi Nizami”tək tarix, kültür, azərbaycançılıq anıtları bir neçə ildən bir böyük sayda çap edilib, Azərbaycan Respublikasının yurddaşlarına paylanmalı, başqa ölkələrin bitik evlərinə göndərilməlidir. 2008, 2011-ci illər yayımları belə edilib.
2019-cu il yayımının daha geniş oxucu üçün düşünüldüyü gözə alınarag, 2011-ci il capındakı: “Bax: 15-ci s.” kimi yerlər çıxarılmış, Nizami Gəncəlinin poemalarının Ərəb yazısı ilə çapından ancaq bir səhifə verilmişdir.
Yadigar Türkel
fəlsəfə üzrə elmlər doktoru
23 aprel 2019-cu il
ÖN SÖZ
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan türklərinin XX yüzildə yetirdiyi ən böyük siyasətçidir. O,1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaradıldığını bildirən Azərbaycan Milli Şurasının sədri, dövlətin qurucusu, Milli Azadlıq Hərəkatının və millətin baş ideoloqu idi.
Azərbaycanda XX yüzildə kimsə azərbaycanlılar, türklər, millətin dünəni, bugünü, gələcəyilə bağlı Məhəmməd Əmin Rəsulzadə kimi dərindən düşünməmiş, bu yöndə siyasi-ideoloji məqalələr, dəyərli elmi əsərlər yazmamış, Azərbaycanın bağımsızlığına onun kimi candan çalışmamışdır.
Milli öncül Məhəmməd Əmin Rəsulzadə arxadaşları ilə birlikdə Azərbaycan Cümhuriyyətini qurmaqla kökləri miladdan qabaq III-II minilliklərdən gələn «Dədə Qorqud» boylarındakı türkçülüyü, azərbaycançılığı yenidən siyasi uyğuladı.
Məhəmməd Əmin Rəsulzadə deyirdi: «Azərbaycan Şurayi Milliyyəsi İstiqlal Bəyannaməsini elan etməklə sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir».
Azərbaycan Cümhuriyyətində «türkçülük, vətənçilik, milli dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyyətçilik» ideyaları siyasi millətçilik – azərbaycançılıq düzəyinə qaldırılmışdı.
Azərbaycanın millətçi, dövlətçi, azərbaycançı aydınları 23 ayda azərbaycanlılar için on illərlə görülməsi çətin olan böyük siyasi, iqtisadi, mədəni-mənəvi, milli-psixoloji işlər görmüşlər.
Azərbaycan Cümhuriyyəti qurulmasaydı, Azərbaycan SSR, Azərbaycan Respublikası olmaz, yağılar bütün türk və müsəlmanları öldürüb, Bakıdan Terekə kimi «Allahü-əkbər!» səsini kəsərdilər.
Məhəmməd Əmin Rəsulzadə həm də dəyərli bir şərqşünas bilgindir. Onun «Azərbaycan şairi Nizami» əsəri son 70 ildə bilimin gəlişməsilə aydınlaşmış kiçik ayrılıqlara baxmayaraq, XX yüzildə Böyük Azərbaycandan, böyük türkdən, bilgin Nizami Gəncəvinin yaşam və yaradıcılığından yazılmış, azərbaycanlıların milli kimliyinin türklüyünü kəskin deyən ən yaxşı siyasi, ideoloji, ədəbi-bədii, tarixi mədəniyyət anıtıdır.
Azərbaycana, türkə ilahi sevgiylə bağlı Məhəmməd Əmin Rəsulzadə Əbdürrəhman Caminin Nizami Gəncəvilə bağlı dediyi: «Açıq olan fəzilət və kamalının şərh və izaha ehtiyacı yoxdur. «Pənc gənc» adlı əsərinə o qədər gözəlliklər və incəliklər doldurmuşdur ki, bu şərəf heç bir kimsəyə nəsib olmamışdır. Böylə bir əsər bəlkə də bəşər qüdrətinin yetişəməyəcəyi bir xariqədir» sözlərinə uyğun bir anıt yaratmışdır.
«Azərbaycan şairi Nizami» anıtının üçüncü, 2011-ci il, bitkin çapının da Azərbaycan Milli Azadlıq Hərəkatının 1988-ci il fevralın 19-dan başlayan «Yeni çağının» 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ən böyük mədəni olaylarından biri olacağına ümid edirik.
Azərbaycanda 1920-ci il aprelin 28-dən başlayan rus-sovet-mason «bolşefaşizm»i illərində, sovet alimləri 50 il Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvi və «Beşlik»indəki böyük siyasi-ideoloji, ədəbi-bədii, tarixi ideya və düşüncələrilə bağlı dediklərindən, çəkdiyi milli-ideoloji çevrədən çıxa bilməsələr də, Azərbaycanın XX yüzildə yetirdiyi ən böyük milli ideoloqunun adını çəkməmişlər.
Demə, Nizami Gəncəvinin «Beşlik»indən orta məktəb dərsliklərində öyrədilən «Sultan Səncər və qarı»nı da, «Kərpickəsən kişinin dastanı»nı… da Məhəmməd Əmin Rəsulzadə seçmiş, Nizami Gəncəvinin böyük türkçü, islamçı, qafqazçı ideoloq olduğunu, eləcə də başqa dünyəvi baxışlarını birinci o göstərmişdir.
Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anıtında Nizami Gəncəvinin «Xəmsə» adı ilə tanınmış poemalarına hamıdan qabaq «Beşlik» demiş, ondakı Azərbaycan, türk, islam və Qafqazla bağlı bütün böyük ideya və düşüncələri ən düzgün biçimdə araşdıraraq, «Beşlik»in fars dilində olan şeirlərindən etdiyi çevirmələrdə də Azərbaycan, türk ruhunu saxlamağa çalışmışdır.
Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» anıtının bölmələrinin adlarındakı ideoloji bitkinlik və ardıcıllığa baxaq: «l. Doğu İslam Mədəniyyətinin üç ortağı», «3. Doğu İslam Mədəniyyətində Azərbaycanın rolu», «4. Türk hakimiyyəti altında fars ədəbiyyatı», «5. XII yüzildə Azərbaycan», «7. Nizami – Azərbaycan şairi», «9. İhmal edilmiş Nizami», «10. Nizamiyə qarşı borcumuz», «Şairin Azərbaycan hökmdarları ilə münasibətləri», «Nizaminin cahan ədəbiyyatındakı yeri», «I. Nizamidə farslıq», «II. Nizamidə türklük», «III. Nizamidə Qafqaz», «IV. Nizamidə həyat tələqqisi və insan», «VII. Nizamidə dövlət tələqqisi».
Milli ideoloq, anıtın göstərdiyimiz, eləcə də başqa bölmələrində milli özünüanlama çağı sayılan XX yüzildə azərbaycanlılara gərək bütün başlıca ideyaları, düşüncələri verməyə çalışmışdır.
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycana xidmətlərini ancaq Atatürk və Mahatma Qandinin etdiklərilə tutuşdurmaq olar.
«Azərbaycan şairi Nizami» anıtında «İki Leyli-Məcnun» [Nizamilə Füzuli arasında bir qarşılaşdırma]» adlı taysız bir araşdırma vardır. Bu araşdırma anıtdakı «Leyli və Məcnun»dan daha bitkin olub, Məhəmməd Əmin Rəsulzadənin bu yöndə yazdıqlarını tamamlamışdır.
Azərbaycan ədəbiyyat tarixində Nizami Gəncəvilə Məhəmməd Füzulinin «Leyli və Məcnun»unu heç kim belə yüksək bilgi, anlayış və biliklə incələyib qarşılaşdırmamış, belə yüksək ədəbi əsər yazmamışdır.
«Azərbaycan şairi Nizami» anıtındakı bu araşdırmanı dərindən öyrənən oxucu Məhəmməd Əmin Rəsulzadənin unudulmuş ərəb əfsanəsini Azərbaycan türkləri – Axsitan (Ağsartan), Nizami Gəncəvi, Məhəmməd Füzuli və Üzeyir bəy Hacıbəylinin qeyrətilə insanlığın böyük mədəniyyət anıtına çevrildiyini göstərmək için yazdığını aydın görür.
Milli ideoloq araşdırmanın başlanğıcında yazır: «Nizamilə Füzuli arasında 400 illik bir zaman vardır. Buna rəğmən, yazmış olduqları «Leyli-Məcnun» hekayəsi hər iki şairi bir-birinə yaxınlaşdırmışdır. Eyni amil bu iki şairin adını Azərbaycanla dəxi, ilgiləndirmişdir…
Təzkirələrdən bəzilərində Füzulinin adı Nizami əsərlərinin mütərcimləri arasında qeyd olunmaqdadır.
Avropa müstəşriqlərinin yazdıqları əsərlərdə də Füzulinin «Leyli-Məcnun»u için «İran şairi Nizami»nin məşhur əsərindən tərcümə və ya iqtibas edilmişdir», deyə yazılıdır.
Türkcə «Leyli-Məcnun»un farscasından tərcümə olmadığı bir kərə, iki əsər arasındakı həcm fərqilə gözə çarpır. Nizaminin əsəri 4600 beyt üzərinə yazılmış ikən, Füzulininki ancaq 3200 qədər beyti bulmaqdadır. Bundan başqa hər iki əsər hər nə qədər eyni vəzn üzərinə və məsnəvi tərzində yazılmışsa da, Füzuli həsb-hallara aid parçaları qəzəl tərzinə qoymuş və bunları türlü vəznlərlə yazmışdır, bir neçə yerdə dördlük tərzini belə qullanmışdır».
Nizami və Füzulinin bu iki böyük anıtını çox yüksək ağıl və bilginliklə araşdıran ideoloq sözlərini belə qurtarır: «İkisi də öz növlərində orijinal birər şair, hekayələri də orijinal birər əsərdir. Burada bənzətmədən bəhs olunamaz, hələ tərcümə ağla belə gələməz.
«Bu iki orijinal əsərdən əcəba hankısı daha yüksəkdir?» deyə bir soru qarşısında qala bilirik. Etiraf edərik ki, böylə bir soruya cavab verməkdən özümüzü aciz sayarıq. Çünki hər iki əsər öz növündə orijinal, öz növündə böyük və öz növündə yüksəkdir.
Nizami də, Füzuli də klassik Doğu ədəbiyyatının ölçüləməz birər varlığıdır. Ölçüləməyənləri qarşılaşdırmaq dəxi, bəhs konusu olamaz.
Böyüklük, kiçiklik kimi nisbət anlamı dışında iki şah əsərin özəlliklərinə işarə etmək lazım gəlirsə, ancaq bunu söyləyə bilirik:
«Nizami Məcnunu şeirləşdirmişsə, Füzuli şeiri məcnunlaşdırmışdır».
Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anıtına gözəl «Mənzum bir xülasə» də yazıb. O, nəsrlə yazdıqlarını bu bölmədə şeirlə demişdir. «Mənzum bir xülasə»ni oxuyan oxucu Məhəmməd Əmin bəyin burada da əsərindəki bütün başlıca ideyaları unutmadan şeirlə deməsinə vurulur.
Milli ideoloqun anıtda «Beşlik»dən etdiyi çevirmələr də önəmlidir. Məhəmməd Əmin bəy çevirmələrinin «Ustadın əsərinə layiq» olub- olmadığını oxuculara buraxaraq, «bu xüsusda bir davasının» da olmadığını desə də, əxlaqi, ideoloji yönlü bu seçmə çevirmələr də türk şeirini zənginləşdirmişdir.
Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» anıtına olduqca gözəl bir «Son söz» yazmışdır. O bu son sözdə «Təbiətin bir fenomeni olan şeirlə hikmət Nizamisi» dediyi, «sözün xaliqi» Nizami Gəncəvilə bağlı baxışlarını kimsənin haçansa yazmadığı, ola bilsin, yazamayacağı sözlərlə demişdir: «Təbiətin böyüklük, gözəllik, çeşidlilik və sevimliliyi nə qədər tamamilə qavranılamazsa, təbiət qədər böyük və onun qədər qüdrətli Nizami yaradıcılığını da tamamilə qavramaq mümkün deyildir. Təbiətin bir bütün halında qavrana bilməsi bir yana, qavrana bilən qismini belə, haqqı ilə hekayə və ya rəsm edə bilmək hər insanın işi deyildir. Nə qədər gözəl qələm, nə qədər sehrli fırça, nə qədər möcüzəli kəski olursa olsun, təbiətdəki bütün dəyərləri ifadədə yenə acizdir. Təbiətin bir fenomeni olan şeirlə hikmət Nizamisini anlayıb, anlatmaq o qəbildəndir».
«Azərbaycan şairi Nizami» anıtının 1991-ci il, Bakı çapının tərtibçisi və elmi redaktoru, bu gün sayğı ilə andığımız professor Rüstəm Əliyev Məhəmməd Əmin Rəsulzadənin cümlələrini fikri çevirmə ilə çağının düşüncəsinə uyğun yazdığından orijinaldan bir az uzaqlaşmışdır.
«Fikri çevirmə» elmi üslub kimi qəbul edilsə də, türk dilindən türk dilinə bu çevirmə Azərbaycanın tarixi mədəniyyət anıtının elmi, siyasi, ideoloji, ədəbi-bədii dəyərini azaltmaqla yanaşı, Məhəmməd Əmin Rəsulzadənin düşüncə yönünü, dil zənginliyini, yaradıcılığının özəlliklərini, yenilikçiliyini kölgələyir, türk dilinin gəlişmə yollarının bir çoxunu qapayır.
Anıtı yazanın ədəbi dilinin saxlanması isə dilin gəlişməsi baxımından çox gərəklidir. Məsələn, Məhəmməd Əmin Rəsulzadə yazmışdır: «…Nizami türk deyir – gözəl, mərd, qəhrəman, əsgər, komandan, bilgin, ər, rəhbər və şef anladır. Türklük deyir, gözəllik, eyilik, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, komandanlıq, şeflik anladır. Türküstan deyir – vəfa, doğruluq və aranılan yerlə ermişlik [vüsal] anlayır».
Rüstəm Əliyev çevirmişdir: «Nizami «türk» deyir – gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, bilici, ər, rəhbər və başçı nəzərdə tutur. «Türklük» deyir – gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir. «Türküstan» deyir – vəfa, doğruluq və istənilən yerə qovuşmaq [vüsal] nəzərdə tutur».
Oxucular Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» anıtında Nizami Gəncəvinin «Beşlik»ində türklərlə bağlı dediyi sözləri böyük sayğı, özənlə seçib düzgün açıqladığını da görəcəklər.
Məhəmməd Əmin Rəsulzadə yazır: «Türkdən Nizamidə yalnız iki dəfə xəfifliklə bəhs edilmişdir».
Rüstəm Əliyev çevirmişdir: «Türk» Nizami əsərlərində yalnız iki dəfə mənfi çalarda işlədilmişdir».
Sayğılı oxucu ərəb sözü xəfifin türk dilində önəmsiz, ötəri, yüngül, incə, üzdən, kiçik, qolay, yavaş, az etkili, soyuq, sıyıq və başqa anlamlarının olduğunu bilir.
Məhəmməd Əmin Rəsulzadə burada sözün ötəri, üzdən, önəmsiz, soyuq, incə, yüngül anlamlarını gözə almışdır. Ötəri, üzdən… ayrı, mənfi ayrı şeydir.
Nizami Gəncəvi «Beşlik»də türklərlə bağlı heç bir mənfi söz söyləməmişdir.
1991-ci il çapında anıtın demək olar, bütün başlıqları dəyişdirilmişdir. Məsələn, Məhəmməd Əmin Rəsulzadə «Nizaminin görüşü ilə Rus» yazıb, Rüstəm Əliyev «Nizaminin ruslar haqqında təsəvvürü» eləyib.
1991-ci il çapında buraxılmış, yuxarıda dediklərimizin sürəci olan: «Nizami Azərbaycanlıların tək məmləkətçilik deyil, milli duyğularını da qabardacaq bir isimdir. Bu isimlə sadə, Azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən, heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir» abzası, eləcə də buraxılan başqa cümlələr yerlərinə qoyulmuş, onlardakı yanlışlar düzəldilmişdir.
2008-ci il çapında vaxt çatmadığından ancaq başlıqlarla içindəki bir sıra cümlələri Məhəmməd Əmin bəy yazan kimi edib, anıta «1991-ci il, Bakı çapında olmayanlar» bölməsini ekləmişdik.
Türklər dünya tarixinin ən böyük millətlərindən biri, Orta çağın ən siyasi millətidir. Bəlli dünya tarixinin Orta çağı «Türk çağı»dır. Türklərin birlikdə yaşadıqları torpaqların ölçüsü 10 milyon kvadrat kilometrdən də çoxdur. Belə böyük bir geosiyasi, mədəni bölgədə yaşayan millətin saysız ləhcələrinin və yerli, özkültürlərinin yaranması da doğaldır.
Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» anıtı 70 illik rus-sovet-mason ayrılığından sonra türk dilini ortaqlaşdırmaq baxımından da əvəzsiz dil qaynağıdır.
Məhəmməd Əmin Rəsulzadə əsərlərini çağın «şeir dili» olan farsca yazmış Nizami Gəncəvinin milli kimliyini açıqlarkən, Azərbaycan siyasi düşüncə tarixində geopolitika sözünü işlətmiş, Azərbaycanın və Qafqazın Nizami çağında Yaxın Doğunun geosiyasi yaşamındakı yerini, önəmini göstərmişdir: «Konuları araşdırılınca Nizaminin fars nasionalizmindən uzaq, türk sevgisilə dolğun, Qafqaz mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddərat və geopolitikindən doğan daimi qayğılarla ilgili olduğu görülür ki, bu surətlə o, əlbəttə, bir Azərbaycan şairidir».
Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» anıtının çağdaş Azərbaycan gənclərini millətçi, dövlətçi – azərbaycançı kimi böyütmək baxımından gərəkliyini gözə alıb, 1991-ci il İstanbul basqısından bir sıra düzəliş, açıqlama, artırma-ekləmələrlə çap edirik.
Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» anıtının dili Azərbaycan Respublikasında kökləşmiş çağdaş türk dilindən özəlliklərilə ayrılır. Bunu gözə alıb, «Azərbaycan şairi Nizami» anıtındakı milli ruhu, yazı yasalarını, dil zənginliyini, elmi, siyasi-ideoloji düşüncəni, Azərbaycana, türkə, insanlığa sevgisini «bir millət, iki dövlət»i daha da qovuşdurmaq istəyilə saxlamağa çalışdıq.
Oxucuların işini asanlaşdırmaq için anıtda çox çətin ərəb sözləri türk dilinin özəlliyinə, Azərbaycan oxucusunun alışdığına uyğun – «Məxzənül-əsrar», «Bismillahir-rəhmanir-rəhim» şəklində yazılıb, «Biblioqrafiya» bölməsindəki uyğunsuzluqlar, bir sıra cümlələrdəki elmi yanlışlar ayrıcda və sondakı «Bilim düzənləyicisinin açıqlamaları»nda düzəldilmişdir.
Sayğılı oxucu 2011-ci il çapında anıtdakı kənd sözünün qarşılığı kimi, orijinaldakı köy saxlandığını görəcəkdir. XX yüzildə Azərbaycanın dilçi alimləri türk dilinin gəlişməsi, durulması için böyük işlər görmüşlər. Türk dili çox gəlişmiş, durulmuş, ayrı-ayrı sözlərin yazılışı yasalanmış, dövlət statusu almışdır. Ancaq bir sıra istənməyən yanlışlara da yol verilmişdir. Bunlardan biri də köyə kənd, şəhərə kənd yerinə şəhər deyilməsidir. Kənd sözü türk dilində Daşkənd və başqa şəhər adlarında bizə gəlib çatmışdır. Bizdə də kəndə köy, şəhərə kənd deyilsəydi düzgün olardı.
Bunu gözə alıb, Məhəmməd Əmin Rəsulzadənin 2009-cu ildə çap etdiyimiz «Milli birlik» kitabında, eləcə də bu anıtda kəndi köy, şəhəri kənd saxladıq.
Anıtdakı düz ayrıcdakı [ ] yazılar Məhəmməd Əmin Rəsulzadənin, ayrıcdakılar Yadigar Türkelindir.
Professor Rüstəm Əliyevin Nizami Gəncəvinin şeirlərindən etdiyi çevirmələr fars dilini bilməyən oxucuların düşüncələrini tamamladığından onların bir neçəsini (– R.Ə.) qeydi altında verdik. Qafqazda müstəmləkəçilik siyasəti yeridən rus-sovet-mason strateqləri bölgənin sayca az, müsəlman və müsəlman olmayan xalqlarının tarix boyu türklərlə birlikdə, sülh və güvəndə yaşadıqlarını, ən azı son min ildə türk dövlətlərinin bu xalqların milli varlığının qoruyucusu olduğunu, onların türklərlə böyük sosial, siyasi, mədəni gücə çevrilə biləcəyini düşündüklərindən, türkçülük və islamçılıq, qafqazçılıq ideyalarını yasaqlamışdılar.
Azərbaycanda yeridilən millətüstü siyasətlərdən 1988-ci ilə kimi millətimiz XX yüzildə yetirdiyi ən böyük siyasətçisini, milli ideoloqunu milli öncülünü dərindən tanımamış, onunla arxadaşlarının böyük işlərini unutmuşdu.
Anıtın 2011-ci il çapında yağıların milli yaddaşımızda törətdiyi dolaşıqlıqdan böyük yurddaşımızın adını 1990-cı illərin tələsik günlərində yazıldığı kimi, Məmməd yox, Məhəmməd yazdıq – MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ.
Məhəmməd Əmin Rəsulzadə yazır: «Azərbaycan şairi Nizami» anıtını «Dünya ölçüsündəki yaradıcılığı ilə cahan ədəbiyyatına ölməz şeir tabloları ilə eşq, bağlılıq, namus, iman və fədakarlıq tipləri verən, fəlsəfi yüksək düşüncə və siyasi kəskin görüşlərilə də insanlığın ən səmimi duyğuları və ən əziz ideallarına tərcüman olan bu ilahi sənətkar dünya mədəniyyətinin dahi öndəridir. Ağılları çaşdıran bu başarısını Nizami, qəlbinin bütün tellərilə bağlı olduğu öz yurduna və onun kültür gələnəklərinə borcludur. O, elinin, soyunun və içində yetişdiyi kültür mühitinin öz övladıdır. «Yunanlar dünyaya Homeri, iranlılar Firdovsini, italiyalılar Vergilini vermişlərsə, biz də Nizamini vermişik», deyə öyünən Azərbaycan türkləri haqlıdırlar.
Hə, mədəniyyət tarixində özünə çox şərəfli yer qazandıran bu eşsiz övladına Azərbaycan bütün varlığı ilə minnətdardır. Bunun kimi, əsərlərində bunca ideallaşdırılan türklük də şübhəsiz, türk Nizaminin böyük adı ilə öyünür, onun yüksək ruhunu rəhmət və şükranla anar!».
Azərbaycan hökuməti böyük millətçilik duyğuları ilə deyilmiş bu sözlərdən dərs almalı, 1993-cü ilin sonlarından Məhəmməd Əmin Rəsulzadə və arxadaşlarına yönəlmiş bağışlanmaz, milli yaddaşsızlığa, toplumda mədəni-mənəvi qarşıdurmaya nədən olub dövlətimizi daha da güclənməyə, siyasi gəlişməyə qoymayan yağıca yanlış siyasətini dəyişməli, canları bahasına baba yurdumuz Azərbaycanın bir parçasında bizə dövlət qurmuş, boynumuzda Azərbaycan Cümhuriyyəti boyda haqları olan El oğullarının «yüksək ruhu rəhmət və şükranla» anılmalı, onların bilimsəl, siyasi, tarixi irsi dərindən öyrənilməli, böyük El oğullarının öncülü Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami» anıtı isə orta və ali məktəblərin dərs proqramlarına salınıb, ondakı azərbaycançılıq, türkçülük, islamçılıq, qafqazçılıq, çağdaşlıq kimi milli ideyalar, yüksək elmi-fəlsəfi, ədəbi- bədii, dünyəvi düşüncə millətimizin yeni nəsillərinə aşılanmalıdır.
Anıtın Ön sözünü son kəs martın 6-da, saat 9
-da oxuyub qurtardım.
Martın 6-sı Məhəmməd Əmin bəyin ölüm günüdür.
2008-ci il çapının Ön sözü də aprelin 28-də, rus-sovet-mason «bolşefaşistləri»nin Azərbaycan Cümhuriyyətini devirdikləri, mənim də doğulduğum gün, səhər bitirilmişdi.
Bunlar Məhəmməd Əmin bəyin «Milli fikir toxumları səpildi, İslatdı torpağı axan qızıl qan. Bu əkindən yarınki bir baharda, Əlbət bitər bir yeni Azərbaycan!» sözlərilə ilahi bağlıdırmı?
Bilmirəm!
Ancaq bir şeyi bilirəm: Azərbaycan, Türk bitməyib, tükənməyib, yaşayır, sonsuzadək də yaşayacaqdır.
BİZ GƏLDİ-GEDƏRİK, TƏKİ AZƏRBAYCAN RESPUBLİKASI YAŞASIN!
Kiçik əməyimizi dəyərləndirənlərə, kitabın çapında əməyi olan bütün aydınlara «sağ olun!» deyirik.
YADİGAR TÜRKEL
6 mart 2011-ci il, saat 9
TƏQDİM
Türk dünyasını sənəti, əsərləri və estetik bərəkətlərilə bəsləyən böyük şəxsiyyətlər sayılmayacaq qədər çoxdur. Onlardan biri də şübhəsiz Gəncəli Nizamidir.
1991-ci il Gəncəli Nizaminin doğumunun 850-ci ilinə təsadüf etməkdədir. Bu cümlədən olmaq üzrə, böyük şairin doğulduğu Azərbaycanda və Türkiyədə bu il boyunca Gəncəli Nizami adına çeşidli kültür fəaliyyətlərinin yapılması qayət təbiidir. Dolayısı ilə Türk Dünyası Araşdırmaları Vəqfi olaraq, Türkiyədə müxtəlif proqramlar planladıq və bunlardan ilki olmaq üzrə, Demokratik Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurucusu, böyük siyasət və dövlət adamı Məhəmməd Əmin Rəsulzadənin qələmindənçıxma Gəncəli Nizami araşdırmasını eynən nəşr etməyi uyğun gördük.
Gəncəli Nizami əsərlərini hər nə qədər farsca yazmışsa da, əslən türkdür. «Məxzənül-əsrar», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Həft peykər», «İskəndərnamə» kimi əsərlərini Gəncədən bir başqa ölkəyə getmədən qazandığı elm, kültür və estetik zövqlə yazmışdır. Demək olur ki, Gəncə XII əsrdə türk dünyasının mühüm bir kültür mərkəzidir.
Mötədil həyatı, zühd və təqva ilə keçən ömrü ilə şöhrət bulan Gəncəli Nizami həm dövründə, həm daha sonrakı əsrlərdə islam dünyasının və bilxassə, türk dünyasının ədəbiyyat və kültür həyatında təsiri ən geniş və ən davamlı olan şəxsiyyətlərin arasında yer almışdır. Əsərlərinin və bilxassə «Xəmsə»sinin 75-ə qədər əlyazmasının bulunması, bu əlyazmaların usta xəttatlar əlindən çıxması, hər birinin miniatürlərlə bəzənməsi, türk sənətinin estetik zövqünü də davamlı qılan bir ünsür halına gətirmişdir. Bunlardan başqa şeir sənəti etibarı ilə türk dünyasının başda Mövlanə Cəlaləddin Rumi, Fəxrəddin Yaqub, Əlişir Nəvai, Füzuli kimi böyük şəxsiyyətləri onun şeir və «Xəmsə» ocağında bişirib kotardığı gözəlliklərdən istifadə etmişlər, əsərlərinə nəzirələr yazmışlar. Orta Şərqin ikinci, üçüncü dərəcədən şairləri də Gəncəli Nizaminin sənət bağçasından dərdikləri gözəlliklərin havasında yetişmişlər.
Gəncəli Nizaminin fars ədəbiyyatındakı təsirləri və izləri başlı-başına bir araşdırma konusudur. Hətta Gəncəli Nizaminin gürcü ədəbiyyatına və alman ədəbiyyatına da təsir etdiyi görülməkdədir.
Gəncəli Nizami əsərlərini hər nə qədər farsca yazmışsa da, sənətinin təməlində və estetik duyuş tərzində türk zövqü və sadəliyi hakimdir. Bir başqa mənada Məhəmməd Əmin Rəsulzadənin ifadəsinə görə, «seziş və duyuş nöqtəsindən şair içindən çıxdığı mühitə dərindən bağlıdır». Bunu da təsvir etdiyi məkanları Azərbaycandan seçməsindən, anlatdığı gözəllərdə türk gözəlliyi görməsindən və qullandığı türk kəlmələrindən anlayırıq. Onun nəzərində türklük gözəllik, doğruluq və ədalətlə təmayüz etmişdir (seçilmişdir).
Klassik ədəbiyyatda və miniatür sahəsində Gəncəli Nizaminin təsirləri və izlərinin çox geniş olduğu bilindiyi halda nə yazıq ki, Məhəmməd Əmin Rəsulzadəyə qədər və ondan sonra Türkiyədə Gəncəli Nizami haqqında bu dərəcədə geniş və yerində bir tədqiq yapılmamışdır. Dolayısı ilə 1941-ci ildə Buxarestdə tamamlanan əsər çeşidli talesizliklər üzündən Gəncəli Nizaminin 800-cü doğum ildönümü münasibətilə 1941-də basılamamış, 1951-ci ildəki basqısı da nə yazıq ki, səbəbi bəlirsiz yeni bir talesizliyə uğramışdır. 1951-ci ildəki nəşr də geniş oxucu kütləsinə ulaşamamışdır.
Məhəmməd Əmin Rəsulzadənin Gəncəli Nizami əsərini 40 sənə sonra da olsa Türkiyədə və Azərbaycanda geniş oxucu kütləsinə eynən ulaşdırmanın bəxtiyarlığı qarşısında şükr edirik.
Türk Dünyası Araşdırmaları Vəqfi
MÜƏLLİFDƏN
Kitabımız Nizaminin 800-cü doğum ildönümü münasibətilə 1941-də bitmiş, fəqət, savaşın doğurduğu çətinliklər üzündən basımı gecikmişdir.
Bu gecikmə bir yandan müəllifin təəssüfünü gərəkdirmişsə də, o biri yandan hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə yaramış: yeni materiallar, ekləmələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi, 1941-ci ildən sonrakı tarixlər kitabda bu surətlə yer almışlar. «Ekləmə» bölümündə bilxassə, «Nizamidən çevirmələr» qismi varlığını bu gecikməyə borcludur.
Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda yapılmışdır. Gərək bu kiçik «not»ların və gərək kitabın haşiyələrilə sonuna eklənmiş bulunan mənzum parçaların, müəllif ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu uzaqdan olsun əks etdirib-etdirmədiklərinin təqdiri təbiidir ki, oxuculara buraxılmışdır, zatən əsərin bu xüsusda müəyyən bir davası da yoxdur, yetişir ki, süs (bəzək) olsun deyə yapılan bu əlavələr əsərin əsl gözə aldığı məqsədi pozmasın.
Kitabın haşiyələrində və «Ekləmə» qismində mətndə bəhs yapılan konuları aydınlaşdırmaq üzrə, Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür.
İllərin məhsulu olsa da, vasitələrin çox da tam olmadığı şərtlər içində doğulan bu əsərinin, müəllif istər-istəməz əskikliklərdən uzaq qalmadığına qanedir. Oxucularından dilədiyi ən səmimi şey bu əskiklikləri ona bildirmələridir. Bu surətlə Nizami haqqında bizdə zatən əskik bulunan məlumatın tamamlanmasına xidmət etmiş olurlar. Eyni mülahizə ilə əsər haqqındakı ümumi mütaliələrini dəxi, bəyan etmək lütfündə bulunanlar müəllifi son dərəcə məmnun və mütəşəkkir etmiş olurlar.
Ankara, 8 aprel 1948.
AZƏRBAYCAN ŞAİRİ NİZAMİ
(1141 – 1209)
Şairlikdəki əsrar pərdəsi,
Yalvaçlığındır o, bir kölgəsi.
Tanrı hüzurunda sıra tutmuşlar,
İkinci şairlər, ilkin yalvaçlar.
Nizami
BAŞLANĞIC
Nizaminin bu nəzmini oxursan,
Sözündə sən onu hazır bulursan.
Cilvəsini səndən necə o saxlar,
Ki, hər beytində anladır bir əsrar.
Yüz sənədən sonra desən harda bu?
Beytlərdən nida gəlir ki: ha, hu![1 - Nezami-ra ço in mənzume xaniHozurəş dər soxən yabi əyani.Nehan key manəd əz to celvesaziKe dər hər beyt quyəd ba to razi.Pəs əz səd sal gər quyi koca uZe hər beyti neda xizəd ke ha u.]
Nizami
Yüz deyil, səkkiz yüz ildən sonra dəxi, «ha, hu!»sunu duyduğumuz Nizami Müsəlman Doğusunun ürfan xəzinəsinə daxil, İran və cahan ədəbiyyatında Nizami Gəncəvi deyə tanılan şairdir.
Müsəlman Doğusu deyincə, Nizaminin məmləkəti Gəncəni içinə alan Azərbaycan da hesaba qatılmaq üzrə, Yaxın Doğu ilə Orta Asiyanı qavrayan coğrafi bir bölgə anlaşılır.
Bu bölgənin türlü çağlarda yaşamış olduğu siyasi və tarixi gəlişimilə mütənasib mədəni olğunlaşma dövrləri vardır. Bura bir yandan İran və Turan, bir yandan da Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarına səhnə olmuşdur.
Tarixi olayların təsirilə vücuda gələn qaynaşma və qarışımların sonunda əski mədəniyyətlər yatağı olan bu yerlərdə yeni bir mədəniyyət doğmuşdur: Doğu İslam Mədəniyyəti.
1. DOĞU İSLAM MƏDƏNİYYƏTİNİN ÜÇ ORTAĞI
Məşhur ərəb tarixçisi İbni Xəldunun daha XIV yüzildə qeyd etmiş olduğu üzrə,[2 - V.Bartold. «İslam mədəniyyəti tarixi». İstanbul, 1940, səh.71.] islam mədəniyyəti sadə, ərəblərin yaratdığı bir əsər deyil, islam dininə girmiş millətlərin bərabər yapdıqları bir binadır.
İslam mədəniyyətinin bu xüsusiyyəti Doğuda, islam dünyasının özündən bəhs etdiyimiz bu qismində gözə daha çox çarpmaqdadır.
«La literatüre Arabe» adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız müəllifi Hart miladi VIII yüzildəki ərəb mədəniyyətinin durumundan bəhs edərkən ərəb olmayan ünsürlərin təsirlərini bilxassə (özəlliklə), bəlirtir. Bu dövrdə «İlahiyyat ilə hüquq bilgiləri ərəb olmayanların təsirində idi. Bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri dəxi, onların əlində idi, ədəbiyyat da onlar tərəfindən yazılırdı».
Doğu İslam Mədəniyyəti onu yoğuran ünsürlərdən üç milli amillə sıx bağlıdır.
Ərəblərlə bərabər onlar qədər, bəzi xüsuslarda hətta onlardan daha çox islam elm və ürfanına çalışmış farslarla türklər vardır. Bu iki irqdən yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca bəlli adları cildlər dolduran yazılara konu (mövzu) olmuşlar.
Bu qədər də deyil: İslam mədəniyyətinin Doğudakı irəliləməsində ərəbcə ilə bərabər farsca və türkcənin də müəyyən rolları vardır. Birər duyğu, düşünüş və bilgi vasitəsi olmaq üzrə, tarixçə bəllənmiş dövrlərdə bu iki dilin bilxassə, ədəbiyyat sahəsində və o vasitə ilə Doğu İslam Mədəniyyətinin irəliləməsilə genişlənməsində çox önəmli təsirləri olmuşdur.[3 - Türk dili daha XIII yüzildə islam dünyasının üçüncü kültür dili sayılırdı [V.Bartold. «İslam mədəniyyəti tarixi», s.125].]
2. DOĞU İSLAM MƏDƏNİYYƏTİNƏ MƏNSUB BÖYÜK ŞƏXSİYYƏTLƏRƏ YAPILAN YUBİLEYLƏR
Son illərdə Doğu İslam Mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq için ildönümləri yapmaq adəti xoş bir gələnək halını aldı.
Bunlardan birincisi 1000-ci ili anılmaq üzrə, İran dövləti tərəfindən Firdovsiyə yapılan ildönümüdür. İkincisi, 1050-ci ili dolayısı ilə islam aləminin və ələlümum mədəni dünyanın türlü mərkəzlərində avropalıların Avisenna dedikləri İbni Sinaya yapılan ildönümüdür. Üçüncüsü də, 500-cü ili anılmaq üzrə, türk dünyasının bəzi mərkəzlərində Nəvaiyə yapılan ildönümüdür.
«Şahnamə»nin böyük yaradıcısı Əbülqasim Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir qayğı ilə, milli qəlibdə, «Əcəmi» diriltmək için «farsca» yazmışdır.[4 - Firdovsidən:Bəs rənc bordəm dər in sale-siƏcem zinde kərdəm bedin parsi.] Bu əsərilə o, ərəb istilası ilə çökmüş bulunan iranlılığı ədəbi şəkildə olsun, yenidən yaşatmışdır. Fars ənənəsini farsca olaraq canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran nasionalizminin ideoloqu və fars oğlu farsdır.
Buna müqabil «Mühakimətül-lüğəteyn» adlı tanınmış əsərilə türkcənin farscaya üstünlüyünü isbat edən və bu davasını bəlirtmək üzrə, fars ədəbiyyatının ana kitablarına eş, cığatay türkcəsilə başarılı əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk nasionalizminin dədəsi və türk oğlu türkdür.
Bu iki şəxsiyyətin əsərlərilə mütənasib, milliyyətləri hər türlü şübhə dışında ikən, üçüncüsünün, yəni İbni Sinanın milliyyətində anlaşmazlıq vardır:
Ərəblərə görə, İbni Sina ərəbdir, çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir çox iranlı bilginlər kimi, əsərlərini ərəbcə yazmışsa da, İbni Sina bir farsdır, hətta farsca şeirləri belə vardır. Türklərə görə də, Türküstanın Əfşanə [Buxarada] köyündə doğulmuş bulunan Sina oğlu[5 - Sinanın filoloji baxımdan türkcə bir ad olduğu da dava edilmişdir.] bir türkdür, farsca şeir yazmış olması türk olması iddiasını çürütməz, çünki ərəbcə yazmış farslar və türklər olduğu kimi, farsca yazmış türklər dəxi, az deyildir.
İbni Sina haqqındakı bu anlaşmazlıq, ildönümü yapıldığı günlərdə İran, türk və ərəb mərkəzləri arasında dartışmalara belə səbəb olmuşdur.
Nizamiyə aid bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti dəxi, bir takım (sıra) münaqişələrə yol açacaqdır və ona verilməyə başlanan «Azərbaycan şairi» vəsfi onu «İran şairi» deyə tanıyanlardan bir qismində etiraz deyilsə də, alışqanlıqlarını pozan bir xoşnutsuzluq hissi doğuracaqdır.
Fəqət nə yapmalı, dünya böyüklərinin adları ətrafında millətlər arasında dartışma yeni bir şey deyildir. Sonra başqalarının yanlış alışqanlıqlarını pozmamaq için Azərbaycan öz təbii haqqından necə vaz keçər?! Bilxassə, bu dartışmada iki millət və ya topluluğu pozuşduracaq bir cəhət də yoxdur, əksinə, bu, iki tərəfcə sayılan şəxsiyyət ətrafında bəhs edilən millət və topluluqlar daha çox birləşmiş və anlaşmış olurlar.
Məşhur elm və ürfan adamlarının milliyyətləri haqqındakı dartışmaya Avropa dəxi, yabançı deyildir. Orta çağlarda latınca bütün avropalılar için ortaq bir bilgi dili idi. Hər millətdən aydınlar əsərlərini bu dildə yazarlardı. Milli oyanış və kültür istiqlallarını qazandıqları dövrdə isə ortaq latınca dövrünə aid tanınmış kültür simaları milli mənsubiyyətləri baxımından qızğın dartışmalara səbəb olmuşdur.
Batıda və Doğudakı bu iki olayın kökü birdir. Latın bilginliyi xristian topluluğuna girmiş bütün batılıların milliyyət və irq qeyrəti güdmədən yaratdıqları bir dəyər olduğu kimi, ərəb bilginliyi də eyni şəkildə müsəlman topluluğuna girmiş doğuluların vücuda gətirdikləri bir varlıqdır.
Tarixin müəyyən qanuna tabe yürüşündən çıxan bu olayı elmi bir əda ilə anlatmaq istərsək fikrimizi bu surətlə xülasə edə bilirik:
Ümmət dövründə milliyyət və irq ayrılığına dəyər verilmədiyi için çox da aranmayan «mədəniyyətdə ortaqlıq hissəsi» milliyyət dövründə aranmağa başlanmış və hər millət islam mədəniyyət və ürfanına öz cinsindən böyüklərin xidmətlərini bəlirtməkdən özəl bir zövq duymuşdur.
3. DOĞU İSLAM MƏDƏNİYYƏTİNDƏ AZƏRBAYCANIN ROLU
Müəyyən milliyyət və irqdən olanların islam mədəniyyətinin irəliləməsindəki yerlərini bəlli etmək qeyrəti nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı dəyərlərini göstərmək isə daha əskidir.
Türk olmaları etibarı ilə azərbaycanlıların islam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri bulunduğu kimi, bir Doğu islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə önəmli bir rolu vardır.
Türkcədən başqa, əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir sırası yazılırsa böyük bir cild olur. M.Ə.Tərbiyətin «Azərbaycan bilginləri»nə ayırmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifəni aşmaqdadır.[6 - «Danişməndan-i Azərbaycan» adındakı bu kitab əsərlərini bilxassə, ərəbcə və farsca yazmış azərbaycanlılara ayrılmışdır. Kitab farscadır, Tehranda hicri 1314-də basılmışdır.] Bu qədərini qeyd etmək yetər ki, islamiyyətdən əvvəlki əski dövrlərə aid məşhurlar ilə,[7 - Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan bilginləri arasında saymaqdadır. Zərdüşt gerçəkdən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin bundan 1000 il əvvəl yazmış olduğu ərəbcə əsərdə Zərdüştün Azərbaycanda [Muğanda] doğulub, yetişdiyi qeyd olunmuşdur.] Batının təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid isimlərdən[8 - XVIII yüzil Avropa hürfikirliliyini Doğuda qüvvətli təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış ilk müsəlman dramaturqu və çağdaş Azərbaycan ədəbiyyatının qurucusu Mirzə Fətəli Axundzadədir.] başqa sadəcə, Nizami və çağdaşları üzərinə doğrudan-doğruya təsir yapan və onlardan təsir alan dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də dəyər baxımından diqqətəlayiq bir önəmdədir.
Bunlardan bir neçə önəmlisinə burada işarət etmək istərik. Bu surətlə Doğu İslam Mədəniyyətinin hər alanında Azərbaycanın tutmuş olduğu yer haqqında genəl bir fikir verilmiş olur.
Hicrətdən sonra 421-ci ildə [m. X yüzil] doğulmuş olan Təbrizli Xətib[9 - Xətib-i Təbrizi adı ilə tanınan bu adam məşhur filosof Əbül Üla Meərrinin şagirdidir, künyəsi Əbu Zəkəriyyədir. Adı Yəhya oğlu Əlidir. Danışma dilinin azərbaycanca olduğu xatirələrilə sabitdir.] ərəb ədibləri ilə sözlükçüləri arasında çox önəmli bir mövqe sahibidir, ərəb ədəbiyyatının ana kitablarından bir çoxunu anlatmış və aydınlatmışdır.
Hicri 458-ci ildə ölən [X yüzildə yaşamış] Mərzban oğlu Əbülhəsən Bəhmənyar «müəllim-i əvvəl» Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir.[10 - Bəhmənyar böyük ustadı Əbu Əli Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olan münəzzərələri (çəkişmələri) məşhurdur. «Kitab əl-behcət və-s-səadət və ma bə-d ət-təbiət» və «Məratib-əl-mövcudat» onun sonuncu əsərlərindəndir. Bunlar 1859-cu ildə S.Popper tərəfindən almanca tərcümələrilə bərabər Leypsiqdə basılmışdır.]
Hicri VI yüzil münəccimlərindən Şirvanlı Fəridəddin otuz illik əməyin məhsulu ziclərilə məşhurdur.[11 - Fəridəddin Əbu Həsən Əli ibni Əbdülkərimin ən tanınmış rəşadı h. 541 sənəsinə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Bundan dolayı təxəllüsü Fələki olmuşdur.]
VIII yüzildə yaşamış Bakılı Abdül Rəşid ərəb coğrafiyaçıları arasında yüksək dəyərli bir müəllif deyə tanınmaqdadır.[12 - Abdül Rəşid Bakuyi qeydi altında anılan bu adam rus və türk tayfalarına aid maraqlı təfsilat verən «Təlxis ül asar fi əcayib ül-əqtar» adlı əsərilə Avropada da tanınmışdır.]
Yenə VIII yüzil adamlarından Marağalı Əbdülqadir musiqidəki bilgisi, bu xüsusda yazmış olduğu əsərləri və yapdığı yeni icadları ilə tanınmışdır.
IX yüzilin bilinmiş təbiblərindən Şirvanlı Şükrüllah öz ixtisasında olduğu qədər başqa bilgilərə aid əsərlərilə də məşhurdur.[13 - Fateh Sultan Məhəmmədin xüsusi təbibi olan bu adam təhsilini Misirdə yapmışdır. Təfsir ilə hədis elmlərinə aid əsərləri də vardır.]
Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam- Qazani[14 - Şam-Qazan Təbrizdə bir məhəllədir.] də Azərbaycan türküdür.
Memarlıq, çiniçilik, nəqqaşlıq və gözəl yazı [xəttatlıq – kalliqrafiya] kimi gözəl sənətlərdə azərbaycanlı sənətkarları Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda duran yüksək əsərlərilə təqib edə bilirik.
Təbrizdəki Göy məscidin[15 - Göy məscid Qaraqoyunlulardan məşhur Cahanşah tərəfindən yapdırılmışdır. XV yüzilin başlanğıcına aid olan bu məscidin [cami] yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə dəxi, varmış ki, hamısına birlikdə «Müzəffəriyyə» deyilirmiş. Cahanşahın bir aralıq İraq ilə Hindistan hüduduna qədər yayılan Azərbaycandakı hökuməti 35 il sürmüşdür. Bilgi və sənətin hamisi olmaqla bərabər Cahanşah özü dəxi, ədəbiyyata intisab etmiş, «Həqiqi» adı altında şeirlər yazmışdır.] çiniçilik sənəti baxımından almış olduğu şöhrət, yıxıntıları üzərində araşdırmalar yapan mütəxəssislərcə bir ağızdan təsdiq olunmaqdadır. Naxçıvanda Azərbaycan Atabəylərinin yapdırdıqları Möminə xatun türbəsi[16 - Möminə xatun Azərbaycan Atabəyləri sülaləsinin rəisi Eldənizin [Eldəgəz] qarısı və Məhəmməd Cahan Pəhləvanın anasıdır. Türbə 1172-1185-ci illərdə yapılmışdır.] yüksək bir sənətin qalıntısıdır. Azərbaycan memarlarından S.Ə.Dadaşov ilə M.Ə.Hüseynovun «Bakı akropolu» dedikləri, Şirvanşahlar zamanından qalma, «Şaşal»[17 - «Şaşal» İçərişəhər deyilən əski Bakıda Şah məscidi ilə Xan sarayı binalarının kümələndiyi təpəyə deyilir. «Şaşal» adı altı mənasına gələn şeş Əlidən dəyişmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərində qazılmış Əli adının sənətkaranə işlənmiş bir oymadan çıxmaqdadır. Bu oymada Əli ismi altı dəfə təkrar olunur.] üstündəki saraya aid binalardan ən məşhuru «Divanxana»nın ağ daş üzərində işlənmiş oymalarla, yapılışındakı memarı özəllik, zövq və sənət əhllərini heyranlıqlar içində buraxmaqdadır.[18 - Rus mühəndislərindən birinin Götenin «memarlıq susmuş musiqidir» vəcisəsindən (bənzətməsindən) mülhəm olacaq, «daşa dönmüş musiqi» deyə heyran olduğu bu binanı 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan Universitetinin professoru İ.Berezin «Müsəlman memarlığının ən gözəl abidələrindən biri» deyə tərif etməkdədir.1683-cü ildə Bakını ziyarət edən isveçli Kemfero Engelberto bu abidə haqqında bunları yazmışdır: «Divanxana özəl bir heyranlıq verməkdə… Özünəməxsus şəkil və memarlıqdakı tərzilə də bu seçkin bina sarayın ən ehtişamlı bir zinətini dəxi, təşkil etməkdədir».]
XIV yüzil şairi Ərdəbilli Arif Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edər ki, divarlarında dikili bulunan incə yapılı birər gözəl statüdən fısqılar halında sular axarmış. Gərək bunları, gərəksə Bakıdakı memari anıtları bu şair nəfəs almadan anlatmaqda və «Fərhad oğulları»nın bu əsərlərinə ciddən bayılmaqdadır.[19 - Arif Ərdəbilinin «Fərhad və Şirin» adındakı əlyazmasının bircə nüsxəsi İstanbulda, Ayasofya kitabxanasındadır, qeyd nömrəsi 3335-dir.]
İran nəqqaşlığının ən məşhur ustadı Kəmaləddin Behzadın öyrətməni Pir Seyid Əhməd təbrizlidir. Bu zat İlxanlılardan, rəsm və sənətlə yaxından ilgilənən Əbu Səidin zamanında yetişən Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baq-i Şimali kimi məruf Azərbaycan rəssam və nəqqaşlarındandır.[20 - Binyon. «Persian miniature Paintiq». Oxford, 1832, s. 183.] Teymurlulardan Hüseyn Bayqaranın zamanında Heratda, Əlişir Nəvainin himayəsi və gözətməsi altında çalışmışdır. «Teymurlular dövrü miniatürçülüyü» adı ilə məşhur nəqqaşlıq okulunun qurulmasında təsiri vardır.[21 - Rene Grousset. «Les civilisations de L’orient». Paris, 1929.] Eyni okulun bəlli ustadlarından, əski əlyazmalarını nəfis əsərlərilə süsləyən məşhur miniatürçülərdən Ağa Mirək dəxi təbrizlidir.[22 - Rene Grousset. «Historie de L’ Asie». Paris, 1922.] Nəvainin zamanında Heratda çalışmış bulunan təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu adam sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir.[23 - Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.] Sultan Üveys Cəlairlə oğlu Sultan Əhməd zamanlarının seçkin rəssamlarından olmuşlar.[24 - Dövlətşah. «Təzkirə». Baraun yayımı, s.292.] Təbrizli Əbdülhəy rəssam Sultan Üveysin tələbəsi və oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə götürülmüşdür. Azərbaycanlılardan Xacə Qiyasəddin nəqqaş, Kəmali rəssam ilə Mirzə Əlinin isimləri də tanılır. İlxanlılar dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan naxış və təsvir sonradan azərbaycanlı türklərin əlində qalmışdır.[25 - Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.]
Başda Seyrəfi[26 - Seyrəfi islam xəttatlarından Yaqut Müstəsiminin şagirdi, Seyid Heydər Kündənevisin [kündənevis – qalınyazan] doğrudan doğruya şagirdidir. Təbrizin tarixi əski binaları və bilxassə, «Ustad-şagird» adı ilə tanınmış bina onun yazıları ilə süslənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:Seyrəfi naqed-e cəvaher-e xəttK-əz ney-e kelk gəşt qouhər-riz.Həşt bər hosn-e xətt-e u şahedDər-o-divar-e xətte-ye Təbriz.(Xətt cövhərlərinin bilicisi SeyrəfiKi, qələminin qamışından gövhərlər tökür.Təbriz diyarının daş-divarıOnun xəttinin gözəlliyinə şəhadət verir. – R.Ə.).M.Ə.Tərbiyətin qeydincə, Azərbaycanın olduğu kimi, İranın dəxi, ən eyi xəttatlarının nəsəbləri bütünlüklə Seyrəliyə varmaqdadır.] olmaq üzrə, Doğunun tanınmış bir çox xəttatları Azərbaycanda yetişmişlər. Bunlardan Teymurun münşiliyini (yazı işlərini, katibliyini) yapmış bulunan Əmir Bədrəddinin əlilə yazılmış fərman və münşəat (gözəl xətlə düzgün yazılmış bəlgələr) Misirdə dövlət muzeyində mühafizə edilməkdədir. Yenə bunlardan, Baysunqurun kitabxana müdirliyini yapmış bulunan Cəfər Təbrizinin yazıları Heratın tarixi binalarını süslədiyi kimi, Hindistanda da tanınmışdır.[27 - M. Ə. Tərbiyət. «Danişməndan-i Azərbaycan». Tehran, 1314 hicri.] Nizami «Xəmsə»sinin 1431-ci ilə aid əski əlyazmalarından Leninqradda «Ermitaj» muzeyində mühafizə edilən nəfis nüsxə bu Cəfərin əlindən çıxmışdır.[28 - Musee de L ’ermitage. Travaux de departement oriental. Tom III. Manuscrit de «Chamseh» de Nizami de 1431. Art. du M. Diakonov. pp. 274-286.]
Baburlulardan Hindistan imperatoru Böyük Əkbərin Aqradakı memarlıq anıtlarını süsləyən rəssamlar arasında da təbrizlilər vardır.[29 - F.R.Atay. «Hindistanda iki ay». «Ulus», 29.3.1943.]
Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda vücuda gətirilən memari abidələrdə dəxi, azərbaycanlı türk sənətkarlarının əsərlərini bulmaq mümkündür.[30 - Çaldıran zəfəri üzərinə Sultan Səlimin 3000 qədər elm və sənət adamlarını Azərbaycandan İstanbula götürdüyü kitablarda qeyd olunmaqdadır.] Məsələn, Bursadakı məşhur Yaşıl caminin çinilərindən çox mühüm bir qismini təbrizli ustalar yapmışlar.[31 - Caminin mehrab qismini təşkil edən çinilərdə [əməle ostadane Təbriz – Təbriz ustalarının işi] qeydi bulunmaqdadır. Bursadakı Yaşıl türbə çinilərində də təbrizli Hacı Əlinin imzası vardır.]
Mücərrəd bilgilərlə maddi sənətlər alanını keçdikdən sonra azərbaycanlıların təsəvvüf, fəlsəfə və ələlümum fikir həyatında Doğu İslam Kültürünə son dərəcədə önəmli yararlıqları toxunmuşdur.
Sufiliyin şəxsiyyəti mübhəmliklər (gizlinlər, sirlər) və mistik lejanlarla halələnmiş piri və Cəlaləddin Ruminin ilham qaynağı bulunan Şəms[32 - Cəlaləddin Ruminin «Şəms-ül həqiqət» adındakı əsərindən seçmə parçaları ingiliscəyə tərcümə etmiş olan Nikolson Şəms Təbrizini yunanlı həkim Sokratla qarşılaşdırmaqdadır.] təbrizlidir. Eyni okulun klassik sirlərini anladan məşhur «Gülşən-i raz» sahibi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur.[33 - Mahmud Şəbüstərinin «Gülşən-i raz»ı h. 829-cu ildə «Şirazi» təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir [«Danişməndan-i Azərbaycan»]. Bundan yüz il əvvəl bu əsərin almancaya tərcüməsilə bərabər farsca mətni Vyanada basılmışdır.«Gülşən-i raz» sufiliyin «vəhdət-i vücud», «insan-i kamil» və başqa bir çox sufi ideyalarını sadə və aydın bir dillə anladan min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da önəmli əsərləri vardır.] Yenə sufilərin tanınmış şəxsiyyətlərindən, hürufi təriqətinin məşhur qurucusu Şah Fəzlullah Nəimi[34 - Təbrizdə doğulmuş bulunan bu şeyx məşhur əsəri «Cavidannamə»ni h.796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. Eyni ildə üləmanın fitvası üzərinə Miranşahın əmrilə Naxçıvanda öldürülmüşdür.] də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən Şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuşdur və orada gömülüdür.
İranın moralist şairi məşhur Sədi öz «Bustan»ında Bakılı Baba Kuhidən[35 - Əbu Abdullah Məhəmməd ibni Bakuya Şirazda bir dağ başında yaşadığı için ona Baba Kuhi deyilmişdir. Bakıdan gəlmiş idi. Vəfatı h. 442- ci ildir. Divanı «British museum»dadır, son zamanlarda Şirazda basılmışdır.] iqtibas etməkdədir.
Eyni zamanda Şeyx Sədi çağının tanınmış mürşidlərindən Şeyx Hümamdan[36 - Şeyx Hümam İlxanlılardan Abaqa xanın vəziri, Sahibdivanın nədimlərindən olmuşdur. Fəsahət (anlatma) və səlasətdə (axıcılıqda) «Azərbaycan Sədisi» deyə məşhurdur. Bir qəzəlinin sonunda təəssürləmi, yoxsa təvazöləmi özü haqqında yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:Pəyam deh suy-e bolbol ke ba vocud-e homamRəva bovəd ke soxənha-ye eşq pərdazi?!Homam-ra soxən-e delfərib-o şirin-əstVəli çe süd ke biçare nist şirazi?!Hümam varkən söyləyiniz bülbülə,Münasibdür eşqə mahnı söyləsin?!Könül açar dadlı dili HümamınZavallı Şirazlı deyil, neyləsin?!] dəxi, feyz almışdır.
Səlcuqlular və onlardan sonra İlxanlılar zamanında Azərbaycanın türlü şəhərlərində islam elminin hər bölümündə böyük bilginlər yetişmişdir. İlxanlılar zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa xüsuslarda millətlərarası bir dəyərə malik olduğu professor Z.V.Toqanın istifadə etdiyimiz «Azərbaycan» məqaləsində təfsilatla qeyd olunmuşdur.
Ədəbiyyat alanına gəlincə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir.
Azərbaycan türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur.[37 - Bu şairlər türk ədəbiyyatının kadrosuna girmiş olmaqla bərabər farsca şeirlər dəxi, yazmışlar.] Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da önəmli bir dərəcədədir.
Başda Gəncəli Nizami olmaq üzrə, İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur isimlər vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbülüla Gəncəvi və başqalarını qeyd edə bilirik.
Bunlar XII yüzilin şairləridir. Onlardan əvvəl XI yüzildə də şair və həkim Təbrizli Qətran bulunmaqdadır ki, ozamankı Azərbaycan hökmdarlarının həyat və icraatını nəzm etmişdir.
Bu dövrlərdə farsca müsəlman Doğuda ədəbi və rəsmi bir dil hökmündəydi. Fars olmayanlar da, əsərlərini bu dildə yazarlardı.
Fəqət, sadə, bu dövrlərdə deyil, daha sonrakı yüzillərə aid İran şairləri arasında da Əhməd ibni Məhəmməd Təbrizi [XIV yüzil][38 - Bu zat İlxanlılar dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadır xan adına yazdığı «Şahənşahnamə» mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər keçən dünya vaqeələrini nəzm etmişdir. Əsərin tam nüsxəsi «British museum»dadır. Əsər Rəşidəddinin təşviqilə yazılmışdır.], Qasım Ənvar [XV yüzil][39 - Qasım Ənvar farsca ilə bərabər türkcə və giləkcə dəxi, şeirlər yazmışdır. Hicri 757-ci ildə Təbriz civarındakı Surxabda doğulmuşdur.], Sadıq Əfşar [XVI yüzil][40 - Sadıq Əfşar əsərlərini həm farsca, həm də türkcə yazmışdır. Eyni zamanda rəssamlığı da varmış. Bir tablosu Leninqrad müzeyindədir.] və Saib Təbrizi [XVII yüzil] kimi İran ədəbiyyatının ön sıralarında yer alan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olduğu ilə bilxassə öyünən Saib[41 - Saib öz zamanında müsəlman Doğusunun ən tanınmış bir şairi idi. Osmanlı sarayının istəyi üzərinə Səfəvilər tərəfindən Saibin əsərləri İsfahandan İstanbula hədiyyə göndərilirdi [«Encyclopedie de L’İslam»].«Encyclopedie de L’İslam»da Saibin isfahanlı olduğu yazılıdır ki, bu, yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şeirlər yazmışdır və doğum yeri olan Təbrizlə öyünməkdədir. Aşağıdakı beytlər onundur:Saeb əz xak-e pak-e Təbriz-əstHəst Sədi gər gel-e Şiraz.(Əgər Sədi Şirazın palçığındandırsaSaib Təbrizin pak torpağındandır. – R.Ə.). və ya:Ze hosne təb-e to Saeb ke dər tərəqqi badBolənd-nam şod əz comle şəhrha Təbriz.(Saib, qoy ucalsın sənin ilhamın ki, onun gözəlliyindənTəbriz bütün şəhərlərdən yüksək ad qazandı. – R. Ə.). və ya türkcə:Sabiqən zövq verirdi şüarayə Şirazİndi Şirazı keçib abü-həva-yi Təbriz.Saibin təbrizli olduğunu ondan sonra gələn verimli şairlərdən Təsir dəxi, aşağıdakı beytilə təyit etməkdədir:Hazeqe nəbz-e soxən dər həme-ye aləm nistBecoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd.(Təbrizdən olan Saib və Təsirdən başqaBütün dünyada sözün nəbzini duyan yoxdur. – R. Ə.).] fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi deyə tanınmaqdadır.
Çağdaş İran ədəbiyyatında dəxi, əslində Azərbaycan türkü olan ədiblərin rolu önəmlidir. Bunlardan «Kitab-i Əhməd»in sahibi Əbdürrəhim Talıbzadə, «Səyahətname-i İbrahim bəy»in müəllifi Marağalı Hacı Zeynalabdin və «Əxtər» qəzeti yazan Məhəmməd Tahir kimi simaları zikr edə bilirik.
4. TÜRK HAKİMİYYƏTİ ALTINDA FARS ƏDƏBİYYATI
XVIII yüzildə fransız olmayan avropalı yazarlar dəxi, əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə bu dil o çağlarda Avropanın böyük bir bölgəsi için genəl idarə, bilgi və ədəbiyyat dili olmuşdur.
İslam Doğusunda biz, bu olayın bir bənzərini bulmaqdayıq: Miladi X yüzil ilə XIII yüzil arasında İslam Doğusu için farsca genəl bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı – yəni fars olmayan müəlliflər belə, elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu gərəyinə bilxassə, türk aydınları uymuşlar. Bu surətlə onlardan qalan əsərlər təbiidir ki, yazdıqları dilə görə, İran və fars ədəbiyyatının xəzinəsinə mal olmuşdur.
«Encyclopedie de L’İslam»da İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikri dəstəkləyərək bu mütaliədə bulunmaqdadır:
«İç Asiyanın siyasi gəlişimi yeni İran dilini, yəni farscanı danışma dilləri farsca olmayan millətlər və qövmlər için ədəbi dil halına qoymuşdur. Farsca bu millətlər için XVIII yüzil Avropasındakı fransızca kimi, idarəedən yüksək sinif dili olmuşdur. Buna görə, yeni İran ədəbiyyatını sözün geniş mənası ilə sadə, fars ədəbiyyatı deyə almaq doğru olamaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır».
Görülür ki, İran, ərəb istilasından sadə, siyasətcə qurtulmaq için deyil, kültürcə dirilmək və yüksəlmək için dəxi, türk qüvvət və zəkasından böyük ölçüdə faydalanmışdır.
Fars ədəbiyyatı yalnız türk saraylarında işlənmək və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda türk millətindən şairlər tərəfindən də yaradılmışdır.
Tarixin bizə qəribə görünən bu olayı İslam Doğusunun mədəni gəlişimini haqqı ilə anlamaq baxımından üzərində önəmlə durulacaq bir konudur.
Yaxın Doğunun ərəb fütuhatı nəticəsində islamlaşdırıldığı və dolayısı ilə ərəbləşdirilmiş olduğu məlumdur. Bu duruma qarşı kültür alanında ilk reaksiya farslar, sonra da türklər tərəfindən gəlmişdir. Halbuki yıxılan ərəb imperatorluğu yerinə siyasətcə, farsların deyil, əsl türklərin yerləşmiş olduqları bir həqiqətdir.
Burada xatirə bir soru gəlir: Nədən min ildən bəri islam Doğusunun hökumət sürən sülalələri çox az və önəmsiz istisnalarla həmən türklərdən olmuş ikən, klassik islami türk ədəbiyyatının doğuşu fars ədəbiyyatının qalxınmasından 3-4 yüzil sonraya qalmışdır?…
İslamiyyətdən sonrakı yeni farscanın ən böyük anıtı «Şahnamə»dir. Yunanların Homerinə eş tutulan Firdovsi «İliada»ya bənzədilən bu şah əsərini Qəznəli Sultan Mahmudun sarayında yazmışdır.
Qazanının gümüşdən, süfrə takımının da altundan olması ilə tanınan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini eyni Sultan Mahmuddan qazanmışdır.[42 - Be dour-e kərəm bəxşeş e-nik didZe Məhmud-e keşvərsetan Onsori.Be dəh beyt səd bədre-vo-bərde yaftZe yek fəth-e Hendustan Onsori.Şenidəm ke əz noğre zəd dikdanZe zər saxt alat-e xan Onsori.Mənası:Verim çağında kərəmlər gördüSultan Mahmudu anan Ünsüri.On beytə qarşı yüz bəxşiş aldıHindistan fəthini yazan Ünsüri.Süfrəsində vardı qızıl qaşıqlar,Mətbəxində gümüş qazan Ünsüri. Xaqani]
Cahanca məşhur «Rübailər» şairi Ömər Xəyyam Səlcuqlu Məlikşahın sevgisini qazanmışdır. Farsca qəsidənin ən namlı müməssili Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və başqaları kimi, İran klassikləri də, ya Səlcuqluların, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurlulardan Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məhfilinə (məclisinə) mənsub olmuşdur.
Səlcuqlularda və arxalarından gələn Atabəyliklərdə olduğu kimi, Çingizlilərdə, Xarəzmşahlılarda, Teymurlularda dəxi, farsca idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatının hamisi kəsilmişlər, sadə, hamiliklə qalmamış içlərindən bir çoxları bizzat (şəxsən) farsca şeirlər belə yazmışlar.[43 - Farsca yazmış türk şairlərdən bəzilərinin adları bu yazımızda keçmişdir. Farsca şeir yazan türk hökmdarlarının dəxi, tarixdə önəmli müməssilləri vardır. İsimlərilə ləqəblərində belə əski İran gələnəyini təqlid edən Səlcuq hökmdarları arasında böylələri çoxdur. Osmanlı sultanlarından dəxi, farsca şeir yazanlar olmuşdur. Yavuz Sultan Səlimin məsələn, farsca yazılı qoca bir «Divan»ı vardır. Bu «Divan» 1904-cü ildə Kayzer II Vilhelmin buyuruğu ilə professor Paul Hom tərəfindən Berlində «Dövlət Basım Evi»ndə parlaq surətdə basdınlaraq Sultan Əbdülhəmidə hədiyyə edilmişdir.Ziya Paşa mərhum, məruf «Xərabat»ında Yavuzun farsca şairliyini bu beytlərlə anladır:Etmiş o şahənşah-i müzəffər,Mülk-i süxəni dəxi müsəxxər.Əksər sözü farisidir anın,Məqbul-ü müsəlləmi cahanın.Yox, Rum aranır isə sərasər,Ol şivədə farisi demiş ər.Olmaqla şəh-i cəhan-i mənaDivanı durur cahanda hala.]
Ədəbiyyatdan başqa nəqqaşlıq sahəsində dəxi, İrana millətlərarası şöhrətini təmin edənlər türk sülalələridir. İran miniatürçülüyünün ən parlaq dövrü Teymurlularla Şeybanlılar zamanına rastlar. İran adına bağlanan bu sənət bilxassə, Mavəraünnəhr ilə Xorasanda gəlişmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.
Səfəvilər dövründə İsfahanın məşhur binalarını süsləyən parlaq sənət Teymurlular dövründəki nəqqaşlığın bir davamı olmuşdur.[44 - Rene Grousset. «Les civilisations de L’orient», s. 325.]
Təbrizdəki Göy məscidin təzyinatındakı (bəzəyindəki) üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir.[45 - Rene Grousset. «Les civilisations de L’orient», s. 288.]
Bağdad xəlifələrini dini birər simvol halına gətirərək siyasi iqtidarı öz əllərinə alan türk sultanlarının idarədə ərəbcədən başqa bir dil qullandırmaları anlaşıla bilir bir olaydır, fəqət, bu dil nədən türkcə deyil də farsca olur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Doğuda səltənətlər quran türklər köçəri idilər (Yağıların illər boyu qəlibləyib beyinlərə yeritdikləri bu düşüncə düzgün deyildir. Köçəri olmayan avropalılar niyə əsərdə deyildiyi kimi, latın, sonra fransız, indi də ingilis dilində yazıb-yaratmışlar? XX yüzildə Azərbaycanda, eləcə də bütün Türküstanda aparılan elmi araşdırmalar, türklərin həm də iri şəhərlər, kəndlər tikib oturaq həyat sürdüklərini, böyük mədəniyyətlər yaratdıqlarını aydınlatmışdır. Bugünkü dünyanın formalaşmasında bəlkə də ən çox payı olan böyük türk millətini Orta çağda Anadoluya gəlmiş Səlcuq tayfası ilə eyniləşdirmək baxışı yağıların son 200 ildə formalaşdırdığı gerçək tarixdən uzaq, elmsiz, siyasi saxtakarlıqdır. Bilim araşdırmaları türklərin Anadoluda da miladdan bir neçə min il qabaq yaşadıqlarını deyir. Türk xaqanının saray qulluqçularından olan Səlcuqun qohum-əqrəbası da Azərbaycana, Anadoluya qan, dil və din qohumlarının yanına gəliblər. İqtisadi-siyasi həyat tərzi – uklad olan köçərilik bir şeydir, türk ellərinin təbii- coğrafi amillərin insanların həyatına etkisini ən aza endirmək için yaşadığı «Aran-Yaylaq» ictimai-iqtisadi ukladı başqa. Kitabın yazıldığı çağda düzgün elmi araşdırmalar az olduğundan Məhəmməd Əmin bəy də bu yanlışı demişdir). Köçərilərin qonduqları məmləkətlərdə yerli mədəniyyətlərə uymaları isə olağan bir şeydir. Necə ki, eyni olay Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görülmüşdür.
Eyni olay Bəni Üməyyə (Əməvilər) zamanında Şamda, onlardan sonra xilafət mərkəzini əski İran mədəniyyətinin ocağı olan bir sahədəki Bağdada köçürən Bəni Abbasilər zamanında, İraqda, ərəblər üzərində də təsirini yapmışdır: islam cəmiyyət və idarəsi çöllülükdən çıxaraq şəhərləşdiyi nisbətində, əski mədəniyyətlə ilgili ünsürlərlə yunanlı və iranlı müəssisələrin təsiri altında qalaraq gəlişmişdir.
Min ildən bəri islam Doğusundakı siyasi hakimiyyət ümumiyyətlə türklərə aid olmaqla bərabər, bu hakimiyyətdəki istiqrar Türküstan çöllərindən ara-sıra gələn axınlar üzündən zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqib qüvvət və sülalələrin mücadiləsinə səhnə olmuşdur.
Biri o birinin yerinə keçərək buralarda hökumətlər quran türk sülalələri ümumiyyətlə köçəri əşirət rəisləri tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qoca İran imperatorluğunun hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın əski mədəni gələnəklərinin etkisini daşıyırdı. Bu gələnəyə qonan köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üzrə, yerli münəvvərlərin bilgi və təcrübələrinə möhtacdılar. Bu yerli seçkinlər [elita] isə feodal [dehqan] şatolarında qorunan fars dili və kültürü ilə təmasda idilər.
İdari və siyasi mülahizələrlə yerli mirzələrə dayanan türk hökmdarları Abbasilərdə olduğu kimi, sadə, yerli mədəniyyətin ictimai və daha çox siyasi müəssisələrinin təsirinə düşməklə qalmırlar, eyni zamanda bunlar özlərinə ərəbcədən daha qolay gələn farscanı da tuturlar, buna rəsmi və ədəbi həyatda önəmli bir payə (yer, rütbə) verirlərdi. Bilxassə, bu türklər islamiyyəti və islam kültürünü daha ziyadə Xorasandakı müsəlmanlaşmış fars ünsürünün və Mavəraünnəhrdə yerləşmiş İran mədəniyyətinin etkisi və klavuzluğu ilə qəbul etmiş bulunurdular.[46 - Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi və M.F.Köprülü. «Türk ədəbiyyatında ilk mütəsəvviflər». İstanbul, 1919, s.25.]
Bağdad xəlifəsinin siyasi iqtidarı öz əlində tutduğu dövrlərdə İran təsiri farscanı dinin və Quranın dili olan ərəbcənin yerinə keçirdəcək qədər irəliləmək imkanını bulmamışdı. Siyasətcə ərəb mərkəziyyətçiliyilə mücadilə və rəqabət halında bulunan türk sultanları isə çox təbii olaraq güvəndikləri yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli «Əcəm» adətlərilə bərabər qullandıqları ədəbi dili [farscanı] dəxi, həm özləri qəbul edir, həm də onun yayılmasında amil olurlar.
Bu surətlə, türk hakimiyyəti altında yeni farsca doğulur, fars kültür və ədəbiyyatı canlanır, türk sarayları da yeni doğulan bu «cocuğun» dadılığını (uşağabaxan) yapırlar.
Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və əsgəri ocaq həyatından çıxaraq şəhərliləşdikdən sonradır ki, türk çadırı ilə obalarında yaşayan milli kültür kimi, türk dilinin dəxi, saraylarla divanlarda yaşadılması düşünülür.
İslamiyyətin amansız bir düşməni kimi saldıran moğollar ilk dövrlərində ərəbcə ilə bərabər farscanı dəxi, mən edərək (yasaqlayaraq) onun yerinə moğolca ilə uyğur türkcəsini qoyurlar. İlxanlılardan Qazan xanın dövründə moğollar islamiyyəti qəbul edincə, hər nə qədər farsca təkrar əhliyət haqqı qazanırsa da onunla bərabər türkcə dəxi, irəliləyir və durumunu sağlamlaşdırır.
Teymur fütuhatından sonra və Teymurluların təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk münəvvərlərilə idarə edən sinifdə farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatını özləyən bir ehtiyac doğur.
Üsarəsini (şirəsini) kökləri türk xalqları içində yaşayan milli müəssisələrdən alan ictimai digər amillərlə də qüvvətlənən bu ehtiyacın getdikcə əhəmiyyət bulan təkamülü nəticəsində nəhayət doğuda, Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvainin məclislərində, batıda da Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının [ilk dövrlərində][47 - Səfəvi sülaləsinin qurucusu Şah İsmayılın «Xətayi» təxəllüsü ilə şeirlər yazdığı bəllidir. Türkcə ilahilərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət «Divan»ı vardır. Xətayi Azərbaycan türk ədəbiyyatının erkanından sayılır: Şahın sarayı Azərbaycan türk ədəbiyyatının bir növ akademiyası idi. Çevrəsindəki şairlərdən Tüfeyli, şeirlərindən birində ona «Türk-i tacdar» deyə xitab edir. Füzuli «Bəng-ü badə»sini ona ithaf etmişdir. Sultan Səlimlə Şah İsmayıl arasındankı notalaşmalar yazıldıqları dil baxımından diqqətə dəyərdir: Osmanlı notaları farsca ikən, İran notaları türkcə yazılmışdır.] saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur.
Cığatay türkcəsilə Azərbaycan türkcəsinin gəlişimi XVI yüzildən sonra siyasi bir takım devrimlər üzündən nisbətən duraqlamış ikən, Anadoluda qurulmuş bulunan böyük imperatorluqda Osmanlı türkcəsi təbii yürüşündə irəliləmiş və bütün qüvvətilə gəlişərək qoca bir ədəbiyyat meydana gəlmişdir.
İslami yeni İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında vücuda gəlmiş olduğu bizi ilgiləndirən dövrlərə aid ədəbi vəsiqə və anıtların gəlişigözəl bir incələməsilə həmən gözə çarpar. Klassik İran ədəbiyyatının ana kitabları o və ya bu türk xaqan və sultanlarına ithaf edilmişdir. Bundan başqa türkə məxsus dəyər və başarılar fars ədəbiyyatının məcazi təbirlərində çox mühüm bir yer tutmaqdadır. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi birər təbir olaraq qullanılmaqdadır.[48 - Xaqanidən:Bər qəraxan-e şəb-o-ağsonqor-e ruz əz şərəfDər toğan-şahiəş toğra dadi əhsənət ey məlik.]
Öz aralarında davam edən bitməz-tükənməz rəqabətlər üzündən eninə-boyuna çarpışma halında bulunan köçəri sülalələrin bir-birini dəyişdirən hakimiyyətləri nəticəsində müsəlman Doğusunun həyatı müəyyən tarixi dövrlərdə qanlı olaylar və siyasi böyük devrimlər içərisində keçmişdir. Bu üzdən bizi ilgiləndirən coğrafi bölgə üzərində təsir yapan kültür mərkəzləri də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə ilgili olaraq Doğu İslam Mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII yüzildə Azərbaycana keçmişdir.
5. XII YÜZİLDƏ AZƏRBAYCAN
XII yüzil böyük Səlcuq İmperatorluğunun çöküş dövrünə rastlar. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən çökən böyük səltənət yerli əmirliklərlə atabəyliklərə parçalanmışdır. Bu sıralardadır ki, İslam Doğusu batıdan xaçlıların, doğudan da bütpərəst moğolların saldırqanlıqlarına uğramış, əsrlik mədəniyyət yıxılmağa üz tutmuşdur.
Bu qarışıqlıq və düzənsizlik dövründə Anadoludakı Konya Sultanlığı kimi, Şirvan Şahlığı ilə Azərbaycan nisbi bir əmniyyət və asayiş içində bulunmuş, Doğu İslam Mədəniyyətinin bilxassə, klassik İran ədəbiyyatının önəmli sığınaqlarından biri olmuşdur.
Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Doğunun birər kültür mərkəzi idilər. Bilxassə, şeirin ən parlaq müməssilləri və İran ədəbiyyatında önəmli birər yer tutan ustadlar burada vücuda gələn okuldan yetişmişlər.
Məmləkətin ozamankı ədəbi çöhrəsi haqqında genəl bir fikir verə bilmək için Nizami ilə çağdaş Şirvan Şahlığı və Azərbaycan Atabəyliyi saraylarına bağlı seçkin şairlərin bir listəsini gözdən keçirək:
1. Əbül Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub böyük bir şairdir. Eyni sarayın parlaq şairlərindən Xaqanilə Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik vergisini kəşf edərək onu Şirvan şahına təqdim ilə ona «Xaqani» təxəllüsünü verən odur. Şeirdən anlayanlar Əbül Ülanın böyük bir əhatə və sənətlə yazılan əsərlərini Xaqaninin əsərlərinə eş tutarlar. Çağdaşları ona «şairlər ustası» demişlər. Fəxriyyələrindən birində «Gəncəlilər mənimlə öyünürlərsə yeridir» deyir.[49 - Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya.Zəban monadi-ye in qouhər-o-zəmane bəha.Beçune məni ke əz əqran-e xod səbəq bordəmKe əhl-e Gənce təfaxor konənd həst rəva.(Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır.Dilim bu gövhərin carçısı, zamana qiymət (verəndir).Öz yaxınlarından üstün olan mənimkimisiləGəncəlilər öyünürlərsə yeridir. – R.Ə.).]
2. Xaqani Şirvani – Dığdığalı və coşqun bir həyat sahibi olan bu şair, klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvan şahı Axsitanın rus axınçılarına qarşı qazanmış olduğu zəfəri təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvanşahlardan başqa Xaqaninin Azərbaycan Atabəylərindən Qızıl Arslana yazdığı qəsidə dəxi, bəllidir. Doğu tənqidçiləri arasında Xaqanini qəsidədə Ünsürilə Ənvəridən yüksək tutanlar vardır. Batı tənqidçiləri yanında da Xaqaninin sənəti, üslubu, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunmaqdadır. 1864-cü ildə nəşr etdiyi fransızca ədəbi bir risaləsində Xanıkov Xaqanini böyük fransız şairi V. Hüqoya bənzətməkdədir.[50 - Chanikoff. «Memoire sur L’Chagani». Paris. 1864.]
3. Fələki Şirvani – Şirvan ilçəsində doğulmuş olan şair qeyd etdiyimiz vəchlə Xaqani kimi, həm Əbül Ülanın şagirdi, həm də yenə onun kimi, Şirvan sarayının şairidir. Fələki, şairlikdən başqa çağının məşhur heyətşünaslarındandır (astronom), təxəllüsünü də, o münasibətlə Fələki deyə almışdır. Şeirlərində ulduzlara və fələkiyyata aid bir çox təşbeh və istiarələr qullanmaqdadır. Onu şairlikdə Xaqaniyə eş tutanlar olmuşdur.
4. Mücir Beyləqani – Arranın əskidə məşhur şəhərlərindən Beyləqanda yaşadığı için Beyləqani deyə məşhur olan Mücirəddin, Azərbaycan Atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələrilə mərufdur. Müciri şairlikdə və üslubda böyük çağdaşlarından Xaqani və Nizami ölçüsündə görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatdakı səlahiyyəti qəbul edilən Əmir Xosrov Dəhləvi dəxi, bulunmaqdadır ki, onu sənətdə Xaqaniyə belə tərcih edərlər.
5. Qivami Mütərrizi – Nizaminin hal tərcüməsinə aid bölümdə özündən ayrıca bəhs edəcəyimiz bu şair də gəncəlidir. Onun Azərbaycan Atabəylərindən Qızıl Arslana yazmış olduğu qəsidəni sənətdən anlayanlar bir harika deyə təqdir edərlər.
6. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycan Atabəyləri zamanında saraya mənsub olub, Məhəmməd Pəhləvanla Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı Divan-i Zəhir-i Faryabi Dər Kəbə bedozd əgər beyabi.[51 - (Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! – R.Ə,).]
beytindən anlaşıldığı kimi, əskilərcə çox bəyənilmiş və məşhur olmuşdur. Qızıl Arslana yazdığı qəsidədən bir beytini haşiyəyə alırıq. Bu beytdəki buluş və bənzədiş şeirdəki yüksək dəyərinin bir örnəyidir.[52 - An tork-e sorxcame səvar-e səmənd şadYaran həzər konid ke atəş bolənd şad.]
7. Əsirəddin Əxsikəti – Bu da Türküstandan gələrək Atabəylər zamanında Azərbaycanda yaşamış və o zamanın məruf şairlərindən olub himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır.[53 - Bu beytlər onundur:Anəm ke bər emruz bərəd rəşk diyəmCanəm xordəm tənəm nədanəm ke kiyəm.Çun porsidi ba to bequyəm ke kiyəmOstade-soxən Əsire-Axsikətiyəm.]
8. Seyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir. 9. Yusif Füzuli. 10. Şafur ibni Məhəmməd. 11. Cövhəri. 12. Fərrux Şirvani. 13. «Nizam ət-təvarix»in sahibi Qazi Beyzavi. 14. Kəmaləddin Naxçıvani. 15. Seyid İzzəddin Ələvi və başqaları ozamankı ədəbiyyat səmasında parlayan şeir mənzuməsinə daxil ulduzlardandırlar.
O dövrlərin parlaq şairlərindən Məhsəti xanımı da bu işıldaqlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu, şair Əmir Əhmədi ilə evli bulunan bu qadın Gəncənin yoxsul bir ailəsindən yetişmiş ikən, zəka və istedadı sayəsində zamanının ən yüksək təbəqəsinə qalxmış, saraylara yol bulmuşdur, musiqidəki məharəti və danışmadakı hazırcavablığı ilə Sultan Səncərin məclislərində bulunmuşdur. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmilə məşhurdur.
Məmləkətin genəl bayındırlığı və mədəni durumu bu fəaliyyətlə ahəngdə idi. Mənuçehr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə, Sultan Mahmud dövründəki Qəznəni andırırdı.[54 - Bu bənzətmənin dəyərini haqqı ilə ölçə bilmək için bunu qeyd etmək gərəkdir ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında zamanımızın belə bilmədiyi bir müəssisə vardı: şeir bakanlığı. Məlik-üş şüəra ləqəbini daşıyan baş şairin xüsusi nəzarəti altında sarayda 400-dən çox, adları dəftərə yazılı şair vardı. Baş şairin imtahanından keçərək diplom almadıqca heç bir şair, özü də ən böyük şairlərdən sayılan sultanın hüzuruna çıxamazdı. İran ədəbiyyatının məşhur simalarından Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şeir bakanı idi.] Önəmli bir ticarət mərkəzi olan Şirvan [Şamaxı] memari anıtları, bağ və bağçaları ilə mərufdu.
Gəncəyə gəlincə, Arranın əski paytaxtı Bərdənin[55 - X yüzil tarixçisi Məsudi Bərdədən bəhs edərkən ona «Arranın Bağdadı» demişdir. Eyni çağın müəllifi İbni Höuqəl də «Rey ilə İsfahandan sonra Bərdədən daha böyük, verimli və gözəl bir məmləkət yoxdur» deyə yazmaqdadır.] dastanlar konusu olan sərvət və bayındırlığına varis olan bu şəhər zamanının ən məruf yerlərindən biri idi. İstəxrinin məlumatına görə, 1139-cu ildə çıxan bir zəlzələdə 300.000-ə qədər tələfat verdiyinə baxılırsa, əski Gəncənin nə böyük mərkəz olduğu anlaşılır. Həmdullah Qəzvininin yazdığına görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. İbni əl-Əsir isə [XI yüzil müəllifi] buraya «Arran şəhərlərinin anası» demişdir. O sıradakı Gəncənin sadə, böyüklüyü və bayındırlığı deyil, etnik durumu haqqında dəxi, məlumatımız vardır. 1070 sənələrində Gəncənin bir türkmən şəhəri adlandırıldığını İbni Əzrəq adındakı müəllif öz əsərində qeyd etmişdir.[56 - Bu əsərin Xəlil Mükrimin xüsusi kitabxanasında olduğunu Z.V.Toqan «İslam ensiklopediyası»ndakı «Azərbaycan» məqaləsində qeyd etmişdir.] Nəsəvi dəxi, bu tarixdə Arran ilə Muğanda «türklərin qarışqa kimi çox olduqlarını» yazmaqdadır.
Azərbaycanın daha XI yüzildə türkləşmiş olması ozamankı ədəbi anıtlarla da sabitdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib-dolaşdıqları başlıca sahə Azərbaycandır. Bu dastanlardakı şərtlər Azərbaycan şərtləri, qullanılan ləhcə də Azərbaycan türkcəsidir. Oğuz boylarının X və XI yüzillərdə Azərbaycana gəlmələri ilə ilgili bulunan bu dastanların XII yüzildə Azərbaycan xalqınca bilindiyinə inanıla bilir. Nizami mənzumələrində Dədə Qorqud dastanlarındakı motivlərdən bəzilərinə rastlandığı iddiası da bu təxminə uyğundur.[57 - «Azərbaycan ədəbiyyatı tarixi». Bakı. 1943. e. I, s. 39.]
Nizaminin farscasına girmiş türkcə sözlərdən təfsilatla bəhs edəcəyik. Fəqət, yalnız Nizami deyil, Xaqani kimi çağdaşlarının mənzumələrində də türkcə sözlər çoxdur.[58 - Ku şəh-toğane-cud ke mən bəhre-ətməgiPişəş zəban be qoftən-e «sən sən» dər avarəm.] Sadə, şairlər deyil, nəsillərini «Kəyanilər»ə bağlayan Şirvanşahların saray və ailələrinə belə türkcənin girdiyini görürük. Xaqani bir mərsiyəsində Alçiçək adındakı Şirvan prinsesinə ağlamışdır. Qızına türkcə ad taxan bir hökmdarın sarayında türkcə danışılmadığı düşünüləməz!
Gəncə böyüklüyü ilə mütənasib bir sərvətə də malik imiş. 1221-ci ildə gəncəlilər verdikləri altınlar bahasına şəhəri moğol talanından qurtarmışlar.[59 - Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyilə ilgili idi. Z.V.Toqanın islam qaynaqları üzərinə yapdığı tədqiqə görə, ərəblər dövründə 20.000 kq gümüş vergi verən Azərbaycanın Səlcuqluların hakimiyyəti ərəfəsindəki vergisi 27.000 kq, İlxanlılarda isə 59.000 kq gümüş olmuşdur.]
Gəncə gözəl sənət əsərləri ilə də tanılırmış. İndiki halda Gürcüstanın Kutais vilayəti Gelati monastırında bulunan, yüksək bir sənət əsəri olan Dəmir qapı XII yüzilin ilk yarısında gürcü kralı Dimitri tərəfindən zəlzələdən xarab olan Gəncədən çalınmış, buraya götürülmüşdür.[60 - Frahn. «Men de I’Academie, Vl-e serie, Sciences politiques».t.III, s.531-532.]
Bu qısa qeydlərdən Şirvanşahlarla Pəhləvanlılar dövründəki XII yüzildə Azərbaycanın önəmli bir ədəbiyyat mərkəzi olduğu anlaşılır. Bu, yıxıcı zəlzələlər ilə yaxıcı müharibələrdən az da olsa Təbrizdə, Bakıda, Naxçıvan və sairə kimi yerlərdə hələ baqi qalan memarlıq anıtların yalanlanmayan şahidliklərilə də təsdiq olunmaqdadır.
XII yüzildə sadə, Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində bulunmuşdur. Bu sıralarda Gürcüstan krallığı da tarixinin parlaq bir çağını, kraliça Tamar ilə şair Rustavelinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan ilə Azərbaycan arasında genəl surətdə bir dostluq və səmimiyyət vardı. Bu eyi münasibət bilxassə, Şirvanşahlar ilə gürcü kralları arasındakı əqrabalıq bağı ilə qüvvətlənmişdi. Şirvanşah Axsitanın anası bir gürcü prinsesi idi. Onun ruslara qarşı qazandığı zəfərində gürcü salnaməçilərinə görə, bir müttəfiq sifətilə gürcülərin də ortaqlıq hissələri varmış. İki məmləkət arasında kültür baxımından dəxi, çox böyük ilgilər vardı. Yaxın Doğu kültürünün təsirində bulunan Gürcüstan sarayında şairlərə yapılan himayə Şirvan sarayı ilə Azərbaycan gələnəyini təqliddən irəli gəlirdi.[61 - «Шота Руставели и его время». Moskva, 1937. K.S.Kokelidzenin məqaləsi. s.134.] Tiflisdə kral David tərəfindən müsəlman şair və sufilərə xas bir mədrəsə bina edilmişdi. Bizzat Tamar ozamankı Azərbaycanda bilxassə, himayə və inşad olunan ədəbiyyatın təsirində idi.[62 - Eyni əsər, Pavel İnkorokvanın məqaləsi.] Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Doğu Kültürü ilə sıx bağlarla bağlı olub azərbaycanlı çağdaşlarından və bizzat Nizamidən ilham almışdır.[63 - Eyni əsər.]
Qafqaz Batı mədəniyyəti ilə Doğu mədəniyyətinin qarşılaşdığı bir keçiddir. XII yüzildə bu keçid özündə bulunan iki mədəniyyətin qarşılıqlı təsirini bilxassə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli konu və ideyalarını demək olar ki, tamamilə Doğudan almış, xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu belə rəvayət edilməkdədir. Mütəəssib keşişlər Şotanın əsərlərini xristianlığa müxalifdir deyə aforoz (qovmaq) etmişlər.[64 - Eyni əsər.] Halbuki Şirvanlı Xaqani müsəlman və farsca yazmış bir şair ikən əsərlərində xristianlığın bir çox ideyaları ilə terminlərinə bolca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz, çağının ən böyük müməssili Nizamidə də görürük. Hissən türk və müsəlman olan şairin ən gözəl məxluqu – Şirinin qafqazlı bir erməni (Ərmən. «Bilim düzənləyicisinin açıqlamaları»na bax.) prinsesi oluşu təsadüfi olmasa gərəkdir.
6. MİLLİYYƏT BAXIMINDAN ƏDƏBİYYATDA ŞƏKİL VƏ MƏNA
Nizami indiyə qədər Doğu və Batı araşdırıcıları tərəfindən daha çox İran ədəbiyyatının bir müməssili olaraq incələnmiş və şəxsiyyəti ancaq bu sifətlə tanınmışdır.
Bu kökləşmiş şöhrətə rəğmən, Nizami bizə görə, bir Azərbaycan şairidir və bu, onun sadə, «Gəncəvi» olmasından dolayı deyildir.
Gəncəli Nizaminin Azərbaycanla olan maddi ilgisi, hal tərcüməsi yazılırkən mümkün olduğu qədər bəlirtiləcəkdir.
Mənəvi ilgisinə gəlincə bunu söyləmək lazımdır: dilinin farsca olmasına rəğmən, şairin daşıdığı hissiyyat ilə işlədiyi konular onun Azərbaycan duyuşlarından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.
Burada biz, yaşadığımız günlər için bilxassə, aktual bir məsələyə toxunmuş oluruq:
– Ədəbi bir əsərin milli olması için sadə, şəkilcə milli olması yetişir və ya gərəkirmi? Yoxsa bir əsəri milli yapan ruh ilə mənamıdır?
– Bizə görə, sadə, şəkil yetməz və bu şəkil önəmli olmaqla bərabər zəruri də deyildir. Bir əsəri milli yapan şəkillə bərabər özün də milli oluşudur. Bu iki amil arasında ahəng olmadığı təqdirdə bizə görə, əsəri milliləşdirən şey şəkildən ziyadə öz, başqa təbirlə dildən ziyadə mənadır. Yabançı dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində bir millət için milli ola bilir.
Əsrimizin ədəbi olayları arasında bu davanın misallarını istədiyimiz qədər bula bilirik. Hər hankı bir əsəri yazıldığı dilə görə milli deyə almaq lazım gəlsə, iyirmi bu qədər ildən bəri Azərbaycan türkcəsi ilə yazılan kommunist abur-cuburlarını (1920-ci il aprelin 28-dən kitab yazılana kimi olan sovet ədəbiyyatını) milli Azərbaycan ədəbiyyatı deyə qəbul etməmiz lazım gəlir və ya Osmanlı klassiklərindən bir çoxu kimi, Nəfinin:
Türkə haq çeşmey-yi irfanı haram etmişdir,
Eyləsə hər nə qədər sözlərini sehr-i həlal.
və ya:
Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,
Qələtpərdaz-i məna bir müzəvvir türk-i layəfhəm[65 - Bax: Agah Sirri Ləvənd. «Divan ədəbiyyatı». İstanbul, 1943. 2-ci basım, s. 591-603.Türklər haqqında bu düşməncə hökmü verən «türk şairi» haqqında onun çağdaşlarından Tiflinin aşağıdakı beytini də qeyd edək:Nəfiyi ru siyəhin nidügünü həp bildik,Kəndi çingənədir, amma babası kürd-i pəlid.Bax: Eyni əsər, səh. 511.]
beytlərinə bənzər və bunlardan daha kötü bir türk düşmənliyi ilə tanınmış, «türk» sözünü bayağılığın, qəddarlığın, idraksızlığın, kötülüyün qarşılığı olaraq qullanmaq çirkinlik və küstahlığını göstərən bir çox türkcəyazar şairlərin divan ədəbiyyatına keçmiş bulunan misra və mənzumələrini «milli ədəbiyyat» deyə hesaba qatmaq gərəkdir.
Finlərin məşhur vətənsevər şairlərini bilirik ki, əsərlərini isveçcə yazmışlar və bunlara qəhrəman Finlandiyanın baş kəndində milli şair deyə anıtlar tikilmişdir.
Bunun kimi, ingilis hakimiyyətinə qarşı milli istiqlal davasını güdən irlandiyalı ədəbiyyat müəyyən bir zamanda ingiliscə yazılmışdır.[66 - «Qayəlik» deyilən ana dillərilə katolik dinləri vaxtı ilə ingilislər tərəfindən mən olunan irlandiyalılar uzun illər rəsmən ingiliscə danışmış və rəsmən protestant məzhəbində bulunmuşlar. Fəqət, bu rəsmiyyətə qarşı İrlandiya milliyyətçiləri feilən mücadilə etmişlər. Bu mücadilənin ədəbiyyatı uzun zaman ingiliscə olmuşdur. 1911-ci ildə bütün İrlandiyada qayəlikcəni oxuyub-yazan yalnız 17.000 adam varmış. İndi isə əhalinin 50%-i bu milli dili öyrənmişdir [Johannes Stoye. «L’Angleterre dans le monde». Paris, 1935. s.338].] Bu misala Hindistan şərtləri içində dəxi, rastlamaqdayıq.
Rabindranat Taqorun hind özəllik və mədəniyyətini müdafiə edən ingiliscə yazılan şübhəsiz, millidir.
Bu şəkildə düşünürkən şəklin önəmini kiçimsəmək niyyətində deyilik. Dilin çox kərə, məna üzərində dəxi, millilik baxımından etkisi olduğunu bilirik. Fəqət, sənəti «sənət için» deyil, «qayə için» qullanmaq okulunu tutanlar səfində olduğumuzdan, ədəbi bir əsərin milliliyini dartdıqda şəkildən, yəni dildən ziyadə özə, yəni mənaya önəm verməyi üstün tuturuq. Bilxassə, Nizaminin dövründə şəklin çağımızda olduğu qədər milli bir önəmi yoxdu. Farsca, sadə, farsların deyil, müəyyən coğrafi bir bölgədə yaşayan bütün millətlərin oxumuşlarına məxsus bir dildi. Eyni zamanda o dövrdəki «milli ruh»lar da bugünkü qədər kəskin fərqlərə ayrılmış və billurlanmış deyildi. Xüsusi diqqət və araşdırmalarla yalnız ayırd oluna bilən milli özəlliklərin sivri tərəfləri ortaq din və mədəniyyətin təsirilə yumşaldılmış bulunurdu. Buna rəğmən, qəbul etmək gərəkdir ki, şüurda olmasa da, şüur altında milli varlıq və özəlliklər o zamanlarda da öz təsirini yapmaqdan geri qalmamış və bu, ortaq şəklə rəğmən, əsərlərin ruh və mənaları üzərində dərin izlər buraxmışdır.
7. NİZAMİ – AZƏRBAYCAN ŞAİRİ
Nizaminin yaradıcılığı şəkil baxımından Azərbaycana nisbətlə milli deyilsə də, seziş və duyuş nöqtəsindən şair içindən çıxdığı mühitə dərindən bağlıdır və bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa bir Azərbaycan şairi dəxi, yapmaqdadır.
İran ədəbiyyatının bir baxımdan bəlkə də ən böyük simasını təşkil edən Nizaminin əsərlərini ən gözəl bir farsca ilə yazması bizi bu tələqqimizdən alı qoymaz və Nizamini xüsusi görüş nöqtəsindən incələmək həvəsindən ayıramazdı. Çünki onun zamanında farscanın Yaxın Doğu ilə Orta Asiya için millətlərarası bir ədəbiyyat dili olduğunu bilirdik və İran ədəbiyyatının tanınmış ustadları arasında farslar qədər türklərin dəxi, mühüm bir yer tutduqlarına vaqifdik.
Konuları araşdırılınca Nizaminin fars nasionalizmindən uzaq, türk sevgisilə dolğun, Qafqaz mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddərat və geopolitikindən doğan daimi qayğılarla ilgili olduğu görülür ki, bu surətlə o, əlbəttə, bir Azərbaycan şairidir.
Nizami mühitinin onu anlamadığından bəhs etdiyi bir yerdə «türkcəsinin» [torkiyəmpa – mənim türklüyümü] anlaşılmadığından şikayət edir. «Türkcəni» burada məcaz olaraq yüksək söz mənasına qullanan həkimin (bilgin, bilici, filosof) danışma dilinin həqiqətdə türkcə olmadığını kimsə isbat edəməz. Şairin o zaman Azərbaycanda artıq böyük kütlələr halında bulunan türklər arasından yetişmiş olduğunu bilirik. Bunun izlərini əsərlərində gördüyümüz «türklük»dən də sezməkdəyik.[67 - Ozamankı Azərbaycanda türkcənin müəyyən bir hökmü olduğunu sadə, Nizaminin deyil, çağdaşları digər şairlərin dəxi, farsca əsərlərində qullandıqları türkcə sözlərindən anlayırıq. Məsələn, Xaqaninin bu beytləri:][68 - Əvvəle-şəb Aytəkin vuşaq amədim leykAlparslan şodim be payane – sobhqab.][69 - Ku şəh – Toğane cud ke mən bəhre – ətməgiPişəş zəban beqoftən – ecən-sən dəravərəm.]Təkrar edirik: əsərlərini farsca yazmış olmasına rəğmən, Nizaminin qeyd etdiyimiz kimi, konu və duyğu baxımından azərbaycanlı bir türk zehniyyəti daşıdığını oxucularımız bu səhifələri çevirdikcə bizzat görəcəklər.
8. NİZAMİNİN YARADICILIĞI
Nizami sadə, klassik İran ədəbiyyatında deyil, bütün cahan ədəbiyyatında müstəsna yer tutan parlaq bir şairdir. Onun şeiri həm özü yaratdığı yeni şəkil – eşq əfsanəsi, həm bu şəkil ilə tam bir ahəngdə bulunan məna – ruhi təhlil, həm özünəməxsus kəskin bir ifadə rəmzlərin dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş – qüdrətli təsvir, həm yüksəklərdə uçan geniş fantaziya – parlaq təşbeh, həm də təsadüfə yer vermədən hər şeyi incələyərək anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə – vəhdaniyyətçi görüşlə, eni-boyu ölçüləməyən üstün bir əsərdir.
Bu əsərdə bizi özünə çəkən şey şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə yürüyən həkim Nizamidir. Şairə böyük Götenin də təqdir etmiş olduğu dərinlik, hüzur və sakitliyini təmin edən onun bu həkim eşi, öz təbirilə, «ekdeşi»dir.
Nizaməddin ləqəbini daşıyan Nizamidə Doğunun başqa heç bir şairinə bəlkə də nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, daha qullanışlı təbirlə bu mənzumə, incəliklərinə varıncaya qədər ahəngli bir ideoloji və dünyəvi görüş sistemindən ibarətdir. Elə bir sistem ki, bundan 800 il əvvəl düşünülmüş olmasına rəğmən, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzədir.
Araşdırmamızın sonuncu bölümü bu sistemin ana cizgilərini bəlirtməyə ayrılmışdır. Orada xülasə edilmiş bulunan fikir mənzuməsi oxucuların görəcəkləri kimi, bugünkü insanlığın susadığı «nizam-i aləm» [dünya düzəni] baxımından belə, yeni və hərdaim yaşar ümdələri içinə almaqdadır.
İnsanlığın şərəfini bilgisevərlikdə, təkin səadətini topluluq için çalışmaqda görən və parçanın faydasını bütünün salamatında arayan şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq deyə tanıyır.
Millətlər və ya dövlətlərarası nizam və ahəngə gəlincə, bu, onun görüşüncə, «millətlərin dillərini vasitəsiz anlamaq surətilə ancaq təmin edilə bilir».
Hər böyük və həqiqi sənətkar kimi, Nizami dəxi, millilik və məhəllilik damğasını daşımaqla bərabər, yaratdığı ədəbi şəkillərilə təlqin etdiyi fikir alanında milli çərçivə dışına çıxmış, bütün insanlığa şamil duyğularla həyəcanlanmış, millətlərin və məmləkətlərin üstündə olduğu kimi, dövrlərlə əsrlərin dəxi, ötəsinə keçən yüksək və dünyaya şamil bir qayğıya cavab olacaq «söz»ü bulmağa çalışmışdır.
Bizə görə bu «söz», «İskəndərin möcüzəsində» bulunmuşdur.
Bu möcüzə bugünkü insanlıqla birlikdə, bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır:
– Millətlərə sadə, mənəvi avtoritet ilə nüfuz etmək və ruhlarını anlayaraq varlıqlarına qarşı hörmətdə bulunmaq!
9. UNUDULMUŞ NİZAMİ
Bir yandan İslam Doğusunun uğradığı genəl gerilikdən hissəsi olan, o biri yandan da çarlıq istilasının vasitəsiz basqısı və etkisi altında öz keçmişini və bu keçmişdəki mədəni dəyərləri unudan Azərbaycan Nizamini dəxi, ihmal (unutmuşdur) etmişdir.
Gəncənin yaxınında yıxıq-tökük bir məzar vardı. Bu məzar qısır qadınların cocuq dilədikləri bir «Şeyx»ə aiddi… Bu «kəramətli türbə»nin bütün Doğunun olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı çox azdı. Bu şairin eyni zamanda böyük Azərbaycan şairi olduğunu isə bilən bəlkə də heç yoxdu.
Milli oyanış dövrünə girən yeni Azərbaycan dəxi, Nizamini haqqı ilə mənimsəyəcək qədər gəlişməmiş, farsca yazmış olduğunu nəzərə alaraq onu düşünməyi milli görəvləri dışında sonrakı işlərdən saymışdır.
[Gərçi obyektiv olaraq bunu da qeyd etmək gərəkdir ki, Nizami, düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti böyük həmşərisini düşünmüş və xarab türbəsini təmir məqsədilə bir risalə nəşr edərək ianə toplamaq təşəbbüsündə bulunmuşdur. Müstəşriq (şərqşünas) A. Krımskinin də qeyd etdiyi[70 - A.Krımski. «История Персии, её литературы и дервишской теософии».Axundzadə Mirzə Məhəmməd tərəfindən yayılan bu risalədən V.Bartold da istifadə etmişdir [Z.V.Ot.R.O. Ob. T..XXI.S. 035-036],] bu vaqeəyə əlavə olaraq mötəbər gəncəlilərdən duyduğumuza görə bu məqsədlə bir neçə min rublu bulan bir məbləğ dəxi, toplanmışdır.
Milli istiqlal dövründə də Nizaminin düşünüldüyünü və məzarı üstündə əsri bir şəkildə bir anıt projesinin mövcud olduğunu Azərbaycan hökuməti sabiq xariciyyə nazir müavini Adilxan Ziyadxanın bir xatirəsindən öyrənirik.[71 - Adilxan Ziyadxan. «Tayeran-i qələm». Tehran. 1932.] Yazıq ki, olaylar bunun yerinə gətirilməsinə imkan verməmişdir].
Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi və səmimi ilgilərlə bağlıdır. Azərbaycan yurdçuluğu kimi, türk milliyyətçiliyinin də şairlə yaxından ilgilənməsi için təbii və həyati səbəblər vardır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386204) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Nezami-ra ço in mənzume xani
Hozurəş dər soxən yabi əyani.
Nehan key manəd əz to celvesazi
Ke dər hər beyt quyəd ba to razi.
Pəs əz səd sal gər quyi koca u
Ze hər beyti neda xizəd ke ha u.
2
V.Bartold. «İslam mədəniyyəti tarixi». İstanbul, 1940, səh.71.
3
Türk dili daha XIII yüzildə islam dünyasının üçüncü kültür dili sayılırdı [V.Bartold. «İslam mədəniyyəti tarixi», s.125].
4
Firdovsidən:
Bəs rənc bordəm dər in sale-si
Əcem zinde kərdəm bedin parsi.
5
Sinanın filoloji baxımdan türkcə bir ad olduğu da dava edilmişdir.
6
«Danişməndan-i Azərbaycan» adındakı bu kitab əsərlərini bilxassə, ərəbcə və farsca yazmış azərbaycanlılara ayrılmışdır. Kitab farscadır, Tehranda hicri 1314-də basılmışdır.
7
Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan bilginləri arasında saymaqdadır. Zərdüşt gerçəkdən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin bundan 1000 il əvvəl yazmış olduğu ərəbcə əsərdə Zərdüştün Azərbaycanda [Muğanda] doğulub, yetişdiyi qeyd olunmuşdur.
8
XVIII yüzil Avropa hürfikirliliyini Doğuda qüvvətli təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış ilk müsəlman dramaturqu və çağdaş Azərbaycan ədəbiyyatının qurucusu Mirzə Fətəli Axundzadədir.
9
Xətib-i Təbrizi adı ilə tanınan bu adam məşhur filosof Əbül Üla Meərrinin şagirdidir, künyəsi Əbu Zəkəriyyədir. Adı Yəhya oğlu Əlidir. Danışma dilinin azərbaycanca olduğu xatirələrilə sabitdir.
10
Bəhmənyar böyük ustadı Əbu Əli Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olan münəzzərələri (çəkişmələri) məşhurdur. «Kitab əl-behcət və-s-səadət və ma bə-d ət-təbiət» və «Məratib-əl-mövcudat» onun sonuncu əsərlərindəndir. Bunlar 1859-cu ildə S.Popper tərəfindən almanca tərcümələrilə bərabər Leypsiqdə basılmışdır.
11
Fəridəddin Əbu Həsən Əli ibni Əbdülkərimin ən tanınmış rəşadı h. 541 sənəsinə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Bundan dolayı təxəllüsü Fələki olmuşdur.
12
Abdül Rəşid Bakuyi qeydi altında anılan bu adam rus və türk tayfalarına aid maraqlı təfsilat verən «Təlxis ül asar fi əcayib ül-əqtar» adlı əsərilə Avropada da tanınmışdır.
13
Fateh Sultan Məhəmmədin xüsusi təbibi olan bu adam təhsilini Misirdə yapmışdır. Təfsir ilə hədis elmlərinə aid əsərləri də vardır.
14
Şam-Qazan Təbrizdə bir məhəllədir.
15
Göy məscid Qaraqoyunlulardan məşhur Cahanşah tərəfindən yapdırılmışdır. XV yüzilin başlanğıcına aid olan bu məscidin [cami] yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə dəxi, varmış ki, hamısına birlikdə «Müzəffəriyyə» deyilirmiş. Cahanşahın bir aralıq İraq ilə Hindistan hüduduna qədər yayılan Azərbaycandakı hökuməti 35 il sürmüşdür. Bilgi və sənətin hamisi olmaqla bərabər Cahanşah özü dəxi, ədəbiyyata intisab etmiş, «Həqiqi» adı altında şeirlər yazmışdır.
16
Möminə xatun Azərbaycan Atabəyləri sülaləsinin rəisi Eldənizin [Eldəgəz] qarısı və Məhəmməd Cahan Pəhləvanın anasıdır. Türbə 1172-1185-ci illərdə yapılmışdır.
17
«Şaşal» İçərişəhər deyilən əski Bakıda Şah məscidi ilə Xan sarayı binalarının kümələndiyi təpəyə deyilir. «Şaşal» adı altı mənasına gələn şeş Əlidən dəyişmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərində qazılmış Əli adının sənətkaranə işlənmiş bir oymadan çıxmaqdadır. Bu oymada Əli ismi altı dəfə təkrar olunur.
18
Rus mühəndislərindən birinin Götenin «memarlıq susmuş musiqidir» vəcisəsindən (bənzətməsindən) mülhəm olacaq, «daşa dönmüş musiqi» deyə heyran olduğu bu binanı 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan Universitetinin professoru İ.Berezin «Müsəlman memarlığının ən gözəl abidələrindən biri» deyə tərif etməkdədir.
1683-cü ildə Bakını ziyarət edən isveçli Kemfero Engelberto bu abidə haqqında bunları yazmışdır: «Divanxana özəl bir heyranlıq verməkdə… Özünəməxsus şəkil və memarlıqdakı tərzilə də bu seçkin bina sarayın ən ehtişamlı bir zinətini dəxi, təşkil etməkdədir».
19
Arif Ərdəbilinin «Fərhad və Şirin» adındakı əlyazmasının bircə nüsxəsi İstanbulda, Ayasofya kitabxanasındadır, qeyd nömrəsi 3335-dir.
20
Binyon. «Persian miniature Paintiq». Oxford, 1832, s. 183.
21
Rene Grousset. «Les civilisations de L’orient». Paris, 1929.
22
Rene Grousset. «Historie de L’ Asie». Paris, 1922.
23
Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.
24
Dövlətşah. «Təzkirə». Baraun yayımı, s.292.
25
Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi.
26
Seyrəfi islam xəttatlarından Yaqut Müstəsiminin şagirdi, Seyid Heydər Kündənevisin [kündənevis – qalınyazan] doğrudan doğruya şagirdidir. Təbrizin tarixi əski binaları və bilxassə, «Ustad-şagird» adı ilə tanınmış bina onun yazıları ilə süslənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:
Seyrəfi naqed-e cəvaher-e xətt
K-əz ney-e kelk gəşt qouhər-riz.
Həşt bər hosn-e xətt-e u şahed
Dər-o-divar-e xətte-ye Təbriz.
(Xətt cövhərlərinin bilicisi Seyrəfi
Ki, qələminin qamışından gövhərlər tökür.
Təbriz diyarının daş-divarı
Onun xəttinin gözəlliyinə şəhadət verir. – R.Ə.).
M.Ə.Tərbiyətin qeydincə, Azərbaycanın olduğu kimi, İranın dəxi, ən eyi xəttatlarının nəsəbləri bütünlüklə Seyrəliyə varmaqdadır.
27
M. Ə. Tərbiyət. «Danişməndan-i Azərbaycan». Tehran, 1314 hicri.
28
Musee de L ’ermitage. Travaux de departement oriental. Tom III. Manuscrit de «Chamseh» de Nizami de 1431. Art. du M. Diakonov. pp. 274-286.
29
F.R.Atay. «Hindistanda iki ay». «Ulus», 29.3.1943.
30
Çaldıran zəfəri üzərinə Sultan Səlimin 3000 qədər elm və sənət adamlarını Azərbaycandan İstanbula götürdüyü kitablarda qeyd olunmaqdadır.
31
Caminin mehrab qismini təşkil edən çinilərdə [əməle ostadane Təbriz – Təbriz ustalarının işi] qeydi bulunmaqdadır. Bursadakı Yaşıl türbə çinilərində də təbrizli Hacı Əlinin imzası vardır.
32
Cəlaləddin Ruminin «Şəms-ül həqiqət» adındakı əsərindən seçmə parçaları ingiliscəyə tərcümə etmiş olan Nikolson Şəms Təbrizini yunanlı həkim Sokratla qarşılaşdırmaqdadır.
33
Mahmud Şəbüstərinin «Gülşən-i raz»ı h. 829-cu ildə «Şirazi» təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir [«Danişməndan-i Azərbaycan»]. Bundan yüz il əvvəl bu əsərin almancaya tərcüməsilə bərabər farsca mətni Vyanada basılmışdır.
«Gülşən-i raz» sufiliyin «vəhdət-i vücud», «insan-i kamil» və başqa bir çox sufi ideyalarını sadə və aydın bir dillə anladan min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da önəmli əsərləri vardır.
34
Təbrizdə doğulmuş bulunan bu şeyx məşhur əsəri «Cavidannamə»ni h.796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. Eyni ildə üləmanın fitvası üzərinə Miranşahın əmrilə Naxçıvanda öldürülmüşdür.
35
Əbu Abdullah Məhəmməd ibni Bakuya Şirazda bir dağ başında yaşadığı için ona Baba Kuhi deyilmişdir. Bakıdan gəlmiş idi. Vəfatı h. 442- ci ildir. Divanı «British museum»dadır, son zamanlarda Şirazda basılmışdır.
36
Şeyx Hümam İlxanlılardan Abaqa xanın vəziri, Sahibdivanın nədimlərindən olmuşdur. Fəsahət (anlatma) və səlasətdə (axıcılıqda) «Azərbaycan Sədisi» deyə məşhurdur. Bir qəzəlinin sonunda təəssürləmi, yoxsa təvazöləmi özü haqqında yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:
Pəyam deh suy-e bolbol ke ba vocud-e homam
Rəva bovəd ke soxənha-ye eşq pərdazi?!
Homam-ra soxən-e delfərib-o şirin-əst
Vəli çe süd ke biçare nist şirazi?!
Hümam varkən söyləyiniz bülbülə,
Münasibdür eşqə mahnı söyləsin?!
Könül açar dadlı dili Hümamın
Zavallı Şirazlı deyil, neyləsin?!
37
Bu şairlər türk ədəbiyyatının kadrosuna girmiş olmaqla bərabər farsca şeirlər dəxi, yazmışlar.
38
Bu zat İlxanlılar dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadır xan adına yazdığı «Şahənşahnamə» mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər keçən dünya vaqeələrini nəzm etmişdir. Əsərin tam nüsxəsi «British museum»dadır. Əsər Rəşidəddinin təşviqilə yazılmışdır.
39
Qasım Ənvar farsca ilə bərabər türkcə və giləkcə dəxi, şeirlər yazmışdır. Hicri 757-ci ildə Təbriz civarındakı Surxabda doğulmuşdur.
40
Sadıq Əfşar əsərlərini həm farsca, həm də türkcə yazmışdır. Eyni zamanda rəssamlığı da varmış. Bir tablosu Leninqrad müzeyindədir.
41
Saib öz zamanında müsəlman Doğusunun ən tanınmış bir şairi idi. Osmanlı sarayının istəyi üzərinə Səfəvilər tərəfindən Saibin əsərləri İsfahandan İstanbula hədiyyə göndərilirdi [«Encyclopedie de L’İslam»].
«Encyclopedie de L’İslam»da Saibin isfahanlı olduğu yazılıdır ki, bu, yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şeirlər yazmışdır və doğum yeri olan Təbrizlə öyünməkdədir. Aşağıdakı beytlər onundur:
Saeb əz xak-e pak-e Təbriz-əst
Həst Sədi gər gel-e Şiraz.
(Əgər Sədi Şirazın palçığındandırsa
Saib Təbrizin pak torpağındandır. – R.Ə.).
və ya:
Ze hosne təb-e to Saeb ke dər tərəqqi bad
Bolənd-nam şod əz comle şəhrha Təbriz.
(Saib, qoy ucalsın sənin ilhamın ki, onun gözəlliyindən
Təbriz bütün şəhərlərdən yüksək ad qazandı. – R. Ə.).
və ya türkcə:
Sabiqən zövq verirdi şüarayə Şiraz
İndi Şirazı keçib abü-həva-yi Təbriz.
Saibin təbrizli olduğunu ondan sonra gələn verimli şairlərdən Təsir dəxi, aşağıdakı beytilə təyit etməkdədir:
Hazeqe nəbz-e soxən dər həme-ye aləm nist
Becoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd.
(Təbrizdən olan Saib və Təsirdən başqa
Bütün dünyada sözün nəbzini duyan yoxdur. – R. Ə.).
42
Be dour-e kərəm bəxşeş e-nik did
Ze Məhmud-e keşvərsetan Onsori.
Be dəh beyt səd bədre-vo-bərde yaft
Ze yek fəth-e Hendustan Onsori.
Şenidəm ke əz noğre zəd dikdan
Ze zər saxt alat-e xan Onsori.
Mənası:
Verim çağında kərəmlər gördü
Sultan Mahmudu anan Ünsüri.
On beytə qarşı yüz bəxşiş aldı
Hindistan fəthini yazan Ünsüri.
Süfrəsində vardı qızıl qaşıqlar,
Mətbəxində gümüş qazan Ünsüri.
Xaqani
43
Farsca yazmış türk şairlərdən bəzilərinin adları bu yazımızda keçmişdir. Farsca şeir yazan türk hökmdarlarının dəxi, tarixdə önəmli müməssilləri vardır. İsimlərilə ləqəblərində belə əski İran gələnəyini təqlid edən Səlcuq hökmdarları arasında böylələri çoxdur. Osmanlı sultanlarından dəxi, farsca şeir yazanlar olmuşdur. Yavuz Sultan Səlimin məsələn, farsca yazılı qoca bir «Divan»ı vardır. Bu «Divan» 1904-cü ildə Kayzer II Vilhelmin buyuruğu ilə professor Paul Hom tərəfindən Berlində «Dövlət Basım Evi»ndə parlaq surətdə basdınlaraq Sultan Əbdülhəmidə hədiyyə edilmişdir.
Ziya Paşa mərhum, məruf «Xərabat»ında Yavuzun farsca şairliyini bu beytlərlə anladır:
Etmiş o şahənşah-i müzəffər,
Mülk-i süxəni dəxi müsəxxər.
Əksər sözü farisidir anın,
Məqbul-ü müsəlləmi cahanın.
Yox, Rum aranır isə sərasər,
Ol şivədə farisi demiş ər.
Olmaqla şəh-i cəhan-i məna
Divanı durur cahanda hala.
44
Rene Grousset. «Les civilisations de L’orient», s. 325.
45
Rene Grousset. «Les civilisations de L’orient», s. 288.
46
Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi və M.F.Köprülü. «Türk ədəbiyyatında ilk mütəsəvviflər». İstanbul, 1919, s.25.
47
Səfəvi sülaləsinin qurucusu Şah İsmayılın «Xətayi» təxəllüsü ilə şeirlər yazdığı bəllidir. Türkcə ilahilərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət «Divan»ı vardır. Xətayi Azərbaycan türk ədəbiyyatının erkanından sayılır: Şahın sarayı Azərbaycan türk ədəbiyyatının bir növ akademiyası idi. Çevrəsindəki şairlərdən Tüfeyli, şeirlərindən birində ona «Türk-i tacdar» deyə xitab edir. Füzuli «Bəng-ü badə»sini ona ithaf etmişdir. Sultan Səlimlə Şah İsmayıl arasındankı notalaşmalar yazıldıqları dil baxımından diqqətə dəyərdir: Osmanlı notaları farsca ikən, İran notaları türkcə yazılmışdır.
48
Xaqanidən:
Bər qəraxan-e şəb-o-ağsonqor-e ruz əz şərəf
Dər toğan-şahiəş toğra dadi əhsənət ey məlik.
49
Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya.
Zəban monadi-ye in qouhər-o-zəmane bəha.
Beçune məni ke əz əqran-e xod səbəq bordəm
Ke əhl-e Gənce təfaxor konənd həst rəva.
(Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır.
Dilim bu gövhərin carçısı, zamana qiymət (verəndir).
Öz yaxınlarından üstün olan mənimkimisilə
Gəncəlilər öyünürlərsə yeridir. – R.Ə.).
50
Chanikoff. «Memoire sur L’Chagani». Paris. 1864.
51
(Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! – R.Ə,).
52
An tork-e sorxcame səvar-e səmənd şad
Yaran həzər konid ke atəş bolənd şad.
53
Bu beytlər onundur:
Anəm ke bər emruz bərəd rəşk diyəm
Canəm xordəm tənəm nədanəm ke kiyəm.
Çun porsidi ba to bequyəm ke kiyəm
Ostade-soxən Əsire-Axsikətiyəm.
54
Bu bənzətmənin dəyərini haqqı ilə ölçə bilmək için bunu qeyd etmək gərəkdir ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında zamanımızın belə bilmədiyi bir müəssisə vardı: şeir bakanlığı. Məlik-üş şüəra ləqəbini daşıyan baş şairin xüsusi nəzarəti altında sarayda 400-dən çox, adları dəftərə yazılı şair vardı. Baş şairin imtahanından keçərək diplom almadıqca heç bir şair, özü də ən böyük şairlərdən sayılan sultanın hüzuruna çıxamazdı. İran ədəbiyyatının məşhur simalarından Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şeir bakanı idi.
55
X yüzil tarixçisi Məsudi Bərdədən bəhs edərkən ona «Arranın Bağdadı» demişdir. Eyni çağın müəllifi İbni Höuqəl də «Rey ilə İsfahandan sonra Bərdədən daha böyük, verimli və gözəl bir məmləkət yoxdur» deyə yazmaqdadır.
56
Bu əsərin Xəlil Mükrimin xüsusi kitabxanasında olduğunu Z.V.Toqan «İslam ensiklopediyası»ndakı «Azərbaycan» məqaləsində qeyd etmişdir.
57
«Azərbaycan ədəbiyyatı tarixi». Bakı. 1943. e. I, s. 39.
58
Ku şəh-toğane-cud ke mən bəhre-ətməgi
Pişəş zəban be qoftən-e «sən sən» dər avarəm.
59
Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyilə ilgili idi. Z.V.Toqanın islam qaynaqları üzərinə yapdığı tədqiqə görə, ərəblər dövründə 20.000 kq gümüş vergi verən Azərbaycanın Səlcuqluların hakimiyyəti ərəfəsindəki vergisi 27.000 kq, İlxanlılarda isə 59.000 kq gümüş olmuşdur.
60
Frahn. «Men de I’Academie, Vl-e serie, Sciences politiques».t.III, s.531-532.
61
«Шота Руставели и его время». Moskva, 1937. K.S.Kokelidzenin məqaləsi. s.134.
62
Eyni əsər, Pavel İnkorokvanın məqaləsi.
63
Eyni əsər.
64
Eyni əsər.
65
Bax: Agah Sirri Ləvənd. «Divan ədəbiyyatı». İstanbul, 1943. 2-ci basım, s. 591-603.
Türklər haqqında bu düşməncə hökmü verən «türk şairi» haqqında onun çağdaşlarından Tiflinin aşağıdakı beytini də qeyd edək:
Nəfiyi ru siyəhin nidügünü həp bildik,
Kəndi çingənədir, amma babası kürd-i pəlid.
Bax: Eyni əsər, səh. 511.
66
«Qayəlik» deyilən ana dillərilə katolik dinləri vaxtı ilə ingilislər tərəfindən mən olunan irlandiyalılar uzun illər rəsmən ingiliscə danışmış və rəsmən protestant məzhəbində bulunmuşlar. Fəqət, bu rəsmiyyətə qarşı İrlandiya milliyyətçiləri feilən mücadilə etmişlər. Bu mücadilənin ədəbiyyatı uzun zaman ingiliscə olmuşdur. 1911-ci ildə bütün İrlandiyada qayəlikcəni oxuyub-yazan yalnız 17.000 adam varmış. İndi isə əhalinin 50%-i bu milli dili öyrənmişdir [Johannes Stoye. «L’Angleterre dans le monde». Paris, 1935. s.338].
67
Ozamankı Azərbaycanda türkcənin müəyyən bir hökmü olduğunu sadə, Nizaminin deyil, çağdaşları digər şairlərin dəxi, farsca əsərlərində qullandıqları türkcə sözlərindən anlayırıq. Məsələn, Xaqaninin bu beytləri:
68
Əvvəle-şəb Aytəkin vuşaq amədim leyk
Alparslan şodim be payane – sobhqab.
69
Ku şəh – Toğane cud ke mən bəhre – ətməgi
Pişəş zəban beqoftən – ecən-sən dəravərəm.
70
A.Krımski. «История Персии, её литературы и дервишской теософии».
Axundzadə Mirzə Məhəmməd tərəfindən yayılan bu risalədən V.Bartold da istifadə etmişdir [Z.V.Ot.R.O. Ob. T..XXI.S. 035-036],
71
Adilxan Ziyadxan. «Tayeran-i qələm». Tehran. 1932.