Fərəh Pəhləvi: Xatirələr
Fərəh Pəhləvi
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır.
Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır.
Fərəh Pəhləvi
Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəsi
Ön söz əvəzi
Fərəh Pəhləvinin «Xatirələr»i məhz o əsərlərdəndir ki, onu təkrar-təkrar oxumaq istəyirsən və hər dəfə oxuyanda da əvvəl fikir vermədiyin yeni detalları üzə çıxarırsan. Azərbaycan oxucusu üçün bu əsər ikiqat məna daşıyır, çünki məşhur kraliçə Fərəh Pəhləvi həm azərbaycanlıdır, – o bunu heç bir zaman gizlətmir, həm də bütün hadisələr (Şimali) Azərbaycanın bilavasitə qonşuluğunda baş verir, bəzən isə birbaşa (Şimali) Azərbaycanla bağlı olur.
Fikrimizcə, «Xatirələr»in politoloji əhəmiyyəti daha önəmlidir. Müəllif özü də hiss eləmədən nəhəng bir sülalənin, ailə hakimiyyətinin – şah rejiminin addım-addım qüruba endiyini çox məharətlə qələmə alıb. Diqqətli oxucu rejim üçün qırmızı xəttin nə zaman keçildiyini hiss edir, çünki tarixi baxımdan əslində qeyri-adi heç nə baş vermədiyi açıq-aşkar görünür… Əvvəlcə hər şey çox yaxşı gedir. Bu barədə müəllif belə yazır:
«Məclisin qərarı nəticəsində Rza şah Pəhləvi (Fərəh Pəhləvinin qaynatası, ərindən əvvəlki şah – red) tac qoyduğu zaman İran sanki başsız bir ölkəydi. Ölkə qəbilə başçılarının və böyük torpaq sahiblərinin əlindəydi. Hər yerdə mövcud olan qanun – «gücü yetən-yetənə»ydi. Milli müəssisələr də, məlum yeraltı qaynaqlar da yadlara verilmişdi: ingilislər neftimizi çəkib aparırdı; ordu deyilən bir şey qalmamışdı, qalan qüvvələr quzeydə rus, güneydə ingilislərə bağlıydı; belçikalılar gömrüyümüzü, isveçlilər jandarmamızı idarə edirdi. İran dünyadakı ən böyük səfaləti yaşayan ölkələrdən biriydi, orta yaş həddi 30 ilə düşmüşdü, uşaq ölümü faizi ən yüksəklərdən biriydi. Oxuma-yazma səviyyəsi yüzdə birə çatmırdı; qadınların heç bir hüququ tanınmırdı, məktəbə belə getmirdilər. Ölkədə nə doğru-dürüst şose yolu varıydı, nə dəmir yolu, nə elektrik, nə də su…»
Sonra Fərəh Pəhləvi şah rejiminin gördüyü işləri sadalayaraq əvvəlki şahı Mustafa Kamal Atatürklə müqayisə edir:
«O, Türkiyədə nə eləmişdisə, Rza şah da ölkəsində eyni uğur qazanmışdı; bir damcı qan tökmədən sənaye və mədəniyyət inqilabı gerçəkləşmişdi…»
Təbii ki, sonra şah rejiminin problemləri başlayır… və bu problemlər rejimin 1978-ci ilin sonunda çöküşü ilə bitir… Siyasət və politologiya əsərlərində və müxtəlif məqalələrdə İranda şah rejiminin çökməsinin gözlənilmədən baş verdiyi barədə çoxlu mülahizələrə rast gəlmək olar, amma «Xatirələr»də bu prosesin heç də gözlənilməz olmadığı aşkar sezilir…
«Xatirələr»i sona qədər oxuyub, orada müəllifin (Şimali) Azərbaycanda populyar olan inqilabi antifars baxışlarına qəti malik olmadığını görən oxucular şoka düşə bilərlər. Doğrudur, Fərəh Pəhləvi əslən azərbaycanlı olduğunu və bu dili («türk dilini») bildiyini gizlətmir, hətta əsərdə bu barədə maraqlı bir epizod da var:
«Bir gün azərbaycanlı bir qadın onun dilini başa düşmədiyimi güman eləyib, mənim nə qədər zərif olduğumu söyləmişdi: «Boy, nə gözəl qızdı» – yəni, türkcə «bu qız gözəldir» demişdi: gənclik çağımın astanasında eşitdiyim bu tərif məni utandırdığı qədər də sevindirmişdi…»
Lakin Fərəh Pəhləvi millətçi olmadığını, bütün ruhu ilə İran dövlətinə qulluq elədiyini, əri – şah Məhəmməd Rza Pəhləvini dərindən sevdiyini və ona həmişə sadiq qaldığını əsərinin az qala hər sətrində qeyd edir…
Əsərdə bizim oxucuları daha çox maraqlandıran bir neçə epizod da var. Müəllif 70-ci illərdə Bakıda olduğu barədə də yazır, lakin o zamanın kommunist Bakısı onun yaddaşında elə də xoş təəssürat buraxmayıb…:
«Daha sonra bizim Azərbaycan əyalətimizin sərhəd qonşusu olan Sovet Azərbaycanının paytaxtı Bakıya da getdik. Azərbaycanlı ruslar (yerli əhali nəzərdə tutulur – tərc.) atamın kökünün bu bölgədə olduğunu bilirdilər, belə vəziyyətin aramızda xüsusi yaxınlıq yaratdığını hiss eləyirdim…»
«Xatirələr»in əhəmiyyəti tək bunlarla bitmir, kitabın üz qabığında deyildiyi kimi bu əsər təkcə yıxılan bir rejim haqqında deyil, daha çox bitməyən bir eşqin hekayəsidir. Əsərin böyük bir qismi ailə sürgündə olanda şahın qan xərçəngi xəstəliyinə tutulub onunla çarpışmasına həsr olunub…
Sizi kitabla baş-başa buraxırıq…
Kitab Klubu
İran şahı Məhəmməd Rza Pəhləvi və Şahbanu Fərəh Pəhləvi
Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindəniydi. Eyni zamanda Sorbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca «ipək» mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna d’Ark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam elədi.
1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu. 1967-ci ildə Kraliçə (Şahbanu) oldu və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanındı. Ailə qurandan sonra bütün diqqətini sosial fəaliyyətə yönəltdi. Qadınların azadlığına, idman və sənət sahələrinin inkişafına üstünlük verdi. Təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməsi qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.
Ölkədə yaranan qarmaqarışıqlıqlar ucbatından Şahla birlikdə ölkəni tərk elədi. İrandakı şahlıq rejiminin 1979-cu il yanvarın 16-da devrilməsindən sonra Baham adalarından Meksikayacan uzanan geniş bir ərazidə sürgün həyatı yaşadı. Ciddi xəstəliyə tutulan Şah 1980-ci il iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat elədi.
Rza, Fərəhnaz, Əli Rza və Leyla adlı dörd uşaq dünyaya gətirdi. Qızı Leyla 2001-ci il iyunun 10-da Londondakı bir otel otağında ölmüş vəziyyətdə tapıldı. 2003-cü ildə 65 yaşını qeyd eləyən Fərəh Pəhləvi «Xatirələr» adlı kitabını nəşr etdirdi. Hələ də uşaqlarıyla birlikdə Amerikada sürgün həyatı yaşayır.
Aydınlığın düşmənləri tərəfindən qətlə yetirilənlərin xatirəsinə.
İranın bütövlüyü üçün həyatlarını itirənlərin xatirəsinə.
İran xalqına.
Uşaqlarıma.
Şahıma olan sevgim adına.
Son uçuşu xatırla,
Quş ölümlüdü…
Foruq Fərruxzad
Bu kitabın yazılmasında məndən köməyini əsirgəməyən Lionel Duroya minnətdarlığımı bildirirəm
PROLOQ
Nə vaxt o 1979-cu il yanvar səhərini xatırlayıram, eyni dərin kədər gəlib ürəyimə saplanır. Aylardan bəri atəş və qan içində yaşayan paytaxtımız sanki qəfildən solub-saralmışdı, insanın hövsələsini daraldan səssizlik çökmüşdü Tehranın üzərinə. 16 yanvar günü ölkəmizdən ayrılırdıq. Şahın müvəqqəti olaraq geri çəkilməsinin çaxnaşmanın yatmasına köməyi olacağını düşünüb yurdumuzu tərk eləyirdik.
Getməyə məcburuyduq. Bu qərar on gün qabaq verilmişdi. Rəsmi olaraq, sanki bir neçə həftəlik tətil üçün xaricə gedirdik. Şah vəziyyəti xalqa bu şəkildə bildirməyi arzu eləmişdi. Amma zaman-zaman baxışlarında oxuduğum o dərin kədər buna özünün də inanmadığını göstərirdi. Mən də çox inanmırdım, amma bütün qəlbimlə ümid bəsləyirdim. Həyatının otuz yeddi ilini xalqına həsr eləyən bir insanın gələcəkdə nə vaxtsa millətinin inamını qazanmaması mənə görə, mümkünsüzüydü. Onun hökmdarlığı müddətində İran qarşısıalınmaz inkişafa nail olmuşdu. Aralıq sakitləşəndə, hamı bu həqiqəti əlbəttə, dərk eləyəcəkdi. Mən bu ümidimi qoruyub saxlayırdım. Bütün gördükləri xatırlanacaq, ona edilən haqsızlıq aradan qaldırılacaqdı.
Qar yağmışdı. Gün doğanda, Elburz dağlarından əsən sərt külək buz kimi qar dənələrini ətrafa sovururdu. Gecə qəribə şəkildə sakit keçmişdi, elə sakit keçmişdi ki, Şah bir neçə saat yata bilmişdi, bu da az şey deyildi! Keçən bir il ərzində Şah xeyli arıqlamışdı, hadisələr onun içini yeyib-tükədirdi, bu da bəs deyilmiş kimi, xəstəlik də onu zəiflətmişdi. Üstəlik, son həftələrdə tez-tez asayiş qaydalarının ziddinə, əsgərləri heçə sayan və binaların damlarına dırmanan nümayişçilərin kin dolu səs-küyü saraya, bizə qədər gəlib çatırdı: «Allahü-Əkbər!», «Rədd olsun Şah!» Bu həqarətlərdən Şahı qorumaq üçün hər şeydən keçərdim.
Artıq uşaqlarımız yanımızda deyildi. Kiçik Leylamın qəfildən qapını açıb içəri girmələri, Fərəhnazın atasına bir az ürkək, sevgi dolu baxışları, Əli Rzanın elədiyi və ərimin həmişə şəfqətlə qarşıladığı şaqraq zarafatları… Bütün bunlardan məhrum olduq. Saray zülmətə bürünmüşdü. İyirmi il ərzində bizi xoşbəxt eləyən ailə həyatının qətiyyətlə sonu demək olduğunu qabaqcadan hiss eləsəm də, uşaqlarımın gedişini son ana qədər gecikdirmişdim. Böyük oğlum Rza Amerikada hərbi pilot olmaq üçün təhsil alırdı. O zaman on yeddi yaşındaydı və hər gün bizə zəng eləyirdi. Amerika televiziyalarının araşdırdığı tərzdə olan İrandakı vəziyyət onu son dərəcə qayğılandırırdı. Ölkənin çarəsiz şəkildə xaosa sürükləndiyini görməklə bərabər, oğlumu sakitləşdirməyə çalışır, dözməsi və tamamilə ümidini itirməməsi üçün onu ruhlandırmağa can atırdım.
Ölkənin büsbütün hər yerində insanlar işlərini atmışdılar, müəssisələr dayanmış, iqtisadiyyat pozulmuşdu. Hər gün yeni nümayişlər keçirilir, kinlə dolu yeni təhdidlər səslənir, uydurma xəbərlər sel kimi axırdı. Şah oğluyla telefonla çox qısa danışırdı, o da atasına qayğısını heç bildirməməyə çalışırdı. Və insanlar qaçırdılar. Hər ay firma şefləri, mühəndislər, tədqiqatçılar, dövlət məmurları ölkəni tərk eləyirdilər. Qısa bir müddətdən sonra biz də qara qüvvələrin qətiyyətlə batırmaq qərarı verdikləri bu gəmidə son «mühacirlər» kimi yerimizi tutacaqdıq.
Uşaqların yola düşməsindən lap qabaqkı bir neçə gün qorxulu keçmişdi. Yalnız səkkiz yaşında olan Leyla elə bil, yaşadığımız o insanı dəhşətə salan gərginliyin çox fərqində deyildi, amma on beş yaşlı Əli Rza və on iki yaşlı Fərəhnaz narahatlıqlarını gizlətmirdilər. Böyük qızımızın bağçanın barmaqlıqları önündə uzun müddət durduğunu və sakitcə boş küçələri izlədiyini görürdüm. Əvvəllər ara-sıra oynadığı, söhbətləşdiyi həminki nəşəli uşaqları görməmək onu təəccübləndirirdi. Bütün o uşaqlar hara qeyb olmuşdular? Bu arada generallar, siyasətçilər, pedaqoqlar və bəzi din adamları bir-birinin ardınca saraya gəlib, ərimə düşüncələrini ərz eləyirdilər. Bəziləri barış imkanları və siyasi çözüm yolları göstərirdilər, bəziləri isə vaxt itirmədən orduya atəş açmaq əmri verməsi üçün Şaha yalvarırdılar. Amma o, hər dəfədə: «Hökmdar taxtını yurddaşlarının qanı bahasına xilas eləməyə cəhd göstərməz, diktator bunu düşünə bilər, amma hökmdar bunu əsla eləməz!» deyib hamısını qətiyyətlə rədd eləyirdi.
Şah ən ağıllı çözümün ölkədən getmək olduğunu düşünürdü, beləcə, uşaqlardan ayrılmağı qərara aldıq. Fərəhnaz elə bir ay qabaq, 1978-ci il dekabrın ortalarında böyük qardaşı Rzanın yanına, Amerikaya getmişdi. Leyla və Əli Rzanı da anamla birlikdə onların yanına göndərdik. Əli Rzanın bütün qəlbiylə bağlı olduğu hökmdarlıq bayrağıyla mühafizə alayı uniformasını özüylə götürdüyünü xatırlayıram. Onları bir də nə zaman görəcəkdik, görəsən? Amerika əvvəl bizi qəbul eləyəcəyini açıqlamış, sonra sözünü dəyişdirmişdi; anlaşılırdı ki, orda artıq çox arzulanmırıq. Prezident Sədatın ölkəsi, dost Misir bu səbəblərə görə, ilk dayanacağımız olacaqdı. Uşaqlarımızdan nə qədər uzaq düşürdük!
O səhər qəhvəmizi ayrı-ayrı içdik. Şah erkəndən qalxmışdı və həmişəki kimi, iş otağına getmişdi. Həddən çox sevdiyi bu ölkədə son saatlarını keçirdiyini düşünürdümü? Bundan sonra ölkəsinə heç dönə bilməyəcəyi, görəsən, beynindən keçmişdimi? Bu gün belə, bunları düşünəndə, ürəyim sancır.
Bəzi lazımlı əşyaları yığışdırmaq üçün günortaya qədər vaxtım varıydı. Gecə uşaqların şəkilləri, ailə albomları ağlıma gəlmişdi, onları burda qoymaq fikri məni həqiqətən narahat eləmişdi. Albomları tez toplamalıydım. Keçmişdə qalan xoşbəxtliyimizin bütün xatirələri bu səhifələrin içində yaşayırdı. Bəs, başqa nələri götürməliydim? Elə alt-üst olmuş ruhi vəziyyətdəydim ki, qəfildən şəhərdən kənarda geyməyi sevdiyim bir cüt idman ayaqqabısını götürüb ayırdığımı xatırlayıram. Gözüm ayaqqabılara dikilmişdi, çünki bundan belə istədiyimiz qədər gəzməyə vaxtımız olacağını düşünmüşdüm. Cəsarətimizi itirməmək və müvazinətimizi saxlamaq üçün gəzmək son dərəcə vacibiydi. Bəli, bu ayaqqabılar mənim ən dəyərli dostlarım olacaqdı. Ayaqqabıları özümlə götürmək fikri nagəhan şəkildə məni sakitləşdirmişdi. Bir neçə gün sonra onları əşyalarımın içində görəndə, özüm-özümə acı-acı güldüm. Bu cür ayaqqabıların dünyanın hər yerində tapıldığını necə olub ki, ağlıma gətirməmişdim, yarəbbim! Necə zülmət və soyuq sürgünə doğru yol başlayırdıq?
Sonra kitabxananı dolaşdım, ən sevdiyim kitabları, İranda və dünyanın hər yerində tanıdığım şairlərin, dövlət rəhbərlərinin və yazıçıların mənə ithaf elədikləri kitabları ayırdım. Saray xidmətçilərindən mənə yardım göstərməyə gəlmiş bir adamla birlikdə mənim iş otağımdaydıq.
«Miniatürlər sizindi, Şahbanu. Onları götürün!» – dedi mənə. Böyük hüznlə bu adama baxdığımı xatırlayıram.
«Xeyr, olmaz, hamısı qalmalıdı. Bu incilərdən heç birini götürmək istəmirəm».
Qərarsızıydım: bir tərəfdən, bir gün geri dönəcəyimizə ümid eləyir, digər tərəfdən də, gözümün önünə gələn görüntüdən sarsılırdım: qəzəbdən çılğınlaşmış nümayişçilərin saraya girdiklərini, dolablarımızı, siyirmələrimizi yağmaladıqlarını görürdüm. Hər nəyin bahasına olursa-olsun, kiminsə dəyərli əşyalarımızı özümüzlə götürdüyümüzü düşünməsini istəmirdim! Təkcə ölkəmizin xeyrinə yorulmadan çalışdığımızı bilirdik və ölkəmizdən başımız dimdik ayrılırdıq. Bəli, bəzi xətalar eləmiş ola bilərdik, amma həmişə yalnız ölkəmizin rifahını düşünmüşdük.
Bəzi hökmdarlar və dövlət başçıları tərəfindən bizə verilmiş bir neçə hədiyyəni, bəzi şəxsi əşyaları götürmələri üçün bir neçə gün öncə muzey rəhbərlərini çağırmışdım. Heç olmasa, bu əşyalar oğurlanmayacaqdı. Onların maddi dəyərinin mənim üçün əhəmiyyəti yoxuydu. İnsanın keçmişindən, ruhundan bir parça qoyurmuş kimi, istəyə-istəyə, bilə-bilə ənənəvi İran geyimlərim də daxil olmaqla, digər hər şeyin, rəsmlərin, şəxsi əşyalarımızın, xalıların və b. eləcə yerlərində qalmalarını istəyirdim. Talanın, pis niyyətli cəhdlərin qarşısını almaq üçün televiziyadan bir neçə nəfəri sarayın içini lentə almaları üçün dəvət eləmişdim. Bizim həyatımız İranın taleyilə birgə keçmişdi və bu gün şəxsi əşyalarımızın ölkəmizdən çıxarılmadığından qürur duymaqdayam.
Duyğulu əzablardan son dərəcə yorğun anlar, Tehran qışının sərt havasında parkın ağaclarını seyr edərkən fikrə dalmalar, bu qədər qayğısız yaşadığımız, bizdən ötrü ilıq xatirələrlə dolu meydanlar arasında son saatlar çox tez keçib getdi. Bu əhval-ruhiyyədə ola-ola, Amerikada Fərəhnazı aradığımı xatırlayıram. Qəfildən onun bir ay qabaq otağına və gənc yaşına uyğun xoşbəxtliklərinə yenidən qovuşacağına əmin halda getdiyinin fərqinə vardım. Zavallı uşaq! Bu xatirələri yazdığım ana qədər İranı bir daha görməyəcəyi heç ağlıma gəlirdimi? Ondan nə istədiyini soruşdum:
«Yaxşı fikirləş, Nanazcığım, xüsusi götürməyimi istədiyin bir şey varmı? Söylə…»
Qızımın o zaman İranda çox bəyənilən müğənni olan Səttarın, otağının baş tərəfindən asılmış rəsmini istədiyini biləndə, heyrətləndim. Başqa heç bir arzusu yoxuydu. Elə bilirəm ki, mənim ayaqqabılarım kimi, bu afişa da onu sakitləşdirəcək, şüuraltında daha sonra yaşayacağını sezdiyim bədbəxtliyi zəiflədəcəkdi.
Rzaya gələndəsə, o, sarayda xüsusi hissədə yerləşirdi; Amerikaya gedəndən bəri bir iliydi ki, tamamilə qapalıydı. Böyük məhəbbətlə saxladığım uşaqlıq qığıltılarını, ilk kəlmələrini, ilk addımlarını yazdığımız kaseti, foto-albomları, bütün xatirələri orda dururdu. Oğlumu axtarmağı ağlıma gətirmədim, hər şeyi atdım. Bu gün mənim üçün xəzinə dəyərində olan həmin əşyalara təkrar qovuşmağı nə qədər istəyərdim.
Günortaya yaxınıydı. Şah iş otağına çəkilmişdi, sarayın içindəki hava hər keçən dəqiqə bir az da ağırlaşırdı. Çaşqın halda ora-bura qaçan qadın-kişi saray xidmətçilərini xatırlayıram. Ən yaşlısı ərimin atası Rza şaha xidmət eləmiş kəsləriydi, bəziləri isə iyirmi il qabaqkı evlənmə mərasimimizdə iştirak göstərmiş adamlarıydı. Və hamısı da bizim ölkədən getməli olmağımızdan özlərini itirmiş vəziyyətdəydilər. Vərdiş eləmədiyimiz səssizlik içində gedib-gəlirdilər, dinməz-söyləməz dolaşmalarından artıq heç bir ümidləri qalmadığını sezirdim. Belə ayrılıb gedə bilməzdik, inamlarını itirməməliydilər.
Bizi yola salmaq üçün toplaşmışdılar. İranın uzun tarixindəki acı dövrlərindən birini də yaşamağa hazırlaşdığımızı onlara başa salmağa çalışdım; ilk bahar gələndə, yenidən görüşəcəyimizi və Şahın qayıtmasını bayram eləyəcəyimizi söylədim. Əslində, qorxunc bir kabusun ölkənin gələcəyini necə zülmətə salacağını o anda kim bilərdi ki? Göz yaşlarımızı içimizə axıdırdıq. Bəziləri özlərində gülümsəməyə güc tapdılar. Hər birinə dəyərli əşya, öz qiymətli şeylərimdən birini, ya da bir az pul verdim. Uzun ayrılıq dövrü ərəfəsində bizi bağlayan tellərin olduğunu göstərmək istəyirdim.
Nəhayət, Şah gəldi. Onu görəndə, hamısı ağlamağa başladı. Hisslərinə həmişə son dərəcə hakim olan Şah elə bil, həyəcanını saxlamaqda çətinlik çəkirdi. Bir neçə qısa kəlməylə ayrı-ayrılıqda hər birinin könlünü almağa çalışdı. Bir çoxu hıçqırıqlar içində onları atıb getməməsi üçün yalvardılar. Bizi Mehrabad təyyarə limanına aparacaq iki vertolyotun hazır olduğu bildiriləndə, saray xidmətçiləri pilləkanlarda sıraya düzüldülər. Artıq gedirdik, əşyalarımız qabaqcadan aparılmışdı. Bəziləri əllərini uzatdılar, pərişan üzləri gözümün önündədi. Şah hamısını son dəfə salamladı, mən də özümə yaxın olanları qucaqladım, sonra pərlərin gurultusu arasında sarayın şəhər evlərinin arxasında gözdən itdiyini gördüm. Mühafizə qrupunu gətirən vertolyotun müşayiətilə şahlıq pavilyonuna endik. Sərt və dondurducu külək altında titrəşən, bir-birinə qısılmış zabitlərdən və bəzi mülki şəxslərdən ibarət qrup orda bizi gözləyirdi. Əslində, Şah hamısından bu çətin günlərdə Mehrabada gəlməmələrini, vəzifələrinin başında qalmalarını tələb eləmişdi. Həmişə mühərrik gurultularından titrəyən təyyarə meydanı qəfildən ölüm səssizliyinə bürünmüşdü. Qarışıqlıq üzündən yerdə hərəkətsiz qalan təyyarələrin görünüşü adamın qanını qaraldırdı. Bomboş göy üzündə təkcə, Elburz təpələrindən əsən küləyin inadcıl qəzəbi duyulurdu.
Ərim gərginliklə, amma dimdik durub bir neçə dost və sadiq yaxınını salamladı. O anda mühafizə alayından bir zabit Şahın ayaqlarına yıxılaraq, getməməsi üçün yalvardı. Həmişə özünü ələ almağı bacaran Şah onu qaldırmaqdan ötrü əyiləndə, gözlərinin yaşardığını gördüm. Ağladıqlarını gizlətməyən bir neçə zabit də ondan ölkədən ayrılmamasını təvəqqe elədilər. Şah Baş Qərargah rəisiylə xüsusi və qısa söhbətdən sonra vidalaşdı. İranlı jurnalistlər də bir az geridə çaşqın vəziyyətdə mərasimi izləyirdilər. Xarici mətbuat dəvət olunmamışdı. Qısa bir müddətdən sonra Şah jurnalistləri görüb onlara doğru yönəldi. Hökumətin başına Şahpur Bəxtiyarı gətirmişdi və elə həmin o vaxt baş nazir məclisdə etimad səsləri almağı gözləyirdi. Şah qərarına məclis qismən səs verməmiş ölkəni tərk eləmək istəmirdi.
Jurnalistlərə: «Hökumət qurulanda söylədiyim kimi, özümü yorğun hiss eləyirəm, dincəlməyə ehtiyacım var, işlər yoluna düşəndə və hökumət vəzifəsinə başlayanda, səyahətə çıxacağımı da söyləmişdim. Elə bu səyahət indi başlayır», – dedi.
Mən də ölkəmizin uzun tarixi ərzində bəzən çətin anlar yaşadığını, amma İran mədəniyyəti və mənəviyyatının hər şeyin öhdəsindən gələcəyinə qətiyyətlə əmin olduğumu ifadə elədim.
Budu, ən axırda «səyahətə» çıxırdıq. İnsanların özünə gəlməsi və kinin yatması üçün zamana ehtiyac varıydı; biz də bir müddət gözlərdən uzaq qalıb, onlara bu vaxtı verirdik. Bir neçə həftə sonra insanlar başa düşəcəkdilər… Bəli, inanmaq, gələcəyə inanmaq lazım gəlirdi. Nə olursa-olsun, ümidsizliyə boyun əymək istəmirdim.
İztirab dolu gərginlik içində keçən bir neçə dəqiqədən sonra Şaha məclisin Şahpur Bəxtiyara etimad göstərdiyi bildirildi. Özü vertolyotla təyyarə limanına gəlirdi.
Qısa müddətdən sonra Bəxtiyarın əyilə-əyilə vertolyotdan endiyini, üst-başını düzəldib pavilyonun pilləkanlarına doğru gəldiyini gördük. Məclis rəhbəri Cavad Səid onunla birlikdəydi. İkisi də gəldilər, önümüzdə əyilib bizi həyəcanla salamladılar.
Ərim yumşaq səslə Şahpur Bəxtiyara: «İndi hər şey sizin əlinizdədi. Bacaracağınıza inanır, İranı sizə, sizi də Allaha əmanət eləyirəm», – dedi.
Otuz yeddi gün sonra Şahpur Bəxtiyar Ayətullah Xomeyninin yaratdığı birinci İslam hökuməti tərəfindən devriləcək və ölümdən qurtulmaq üçün İrandan qaçmaq məcburiyyətində qalacaqdı.
Hər səfərə çıxanda, ənənəvi duaları oxumaq üçün daim hazır olan Tehran Cümə məscidinin imamı doktor Həsən İmani bu dəfə bizimlə birlikdə deyildi. Sonradan saraya çox yaxın olan bu din adamının yola salmağa gəlməməsiylə bizi qınadığını, gedişimizə tərəfdar olmadığını göstərmək istədiyini iddia elədilər. Acı gerçəyi bir müddət sonra öyrəndik: Cenevrədə xəstəxanaya yerləşdirilmişdi. Bir neçə həftə sonra öldüyünü eşitdik.
Artıq gedə bilərdik. Küləyə qarşı irəliləyib, rəsmi səfərlər üçün istifadə elədiyimiz «Şahin» adlı mavi-bəyaz «Boinq-707» təyyarəmizə çatdıq. Pilləkənin altına çatanda, Şah döndü, bizi müşayiət eləyən kiçik qrup dayandı. Üz-üzə gəldiyimiz vaxt gizlədilməsi çətin olan həyəcan keçirdiyimizi xatırlayıram. Bizi yola salmağa gələn zabitlər, saray məmurları, pilotlar, saray mühafizə alayı mənsubları cəsarətlərini sübut eləmiş insanlarıydı. Ancaq yenə də o anda güclə gizlədikləri sarsıntı içində olduqları görünürdü. Göz yaşlarından boğula-boğula bir-bir Şahın əlini öpdülər. Əsasən, bizim getməyimizi tələb eləyən Şahpur Bəxtiyarın da gözləri yaşarmışdı.
Şah daha sonra xatirələrini yazdığı kitabında (Məhəmməd Rza Pəhləvi, «Tarixə şəhadət», Paris, 1979), «Yurdumdan ayrılanda, mənə sədaqətlərini göstərənlər məni çox duyğulandırmışdı; hıçqırıqlarla pozulan, insanın ürəyinə bıçaq kimi saplanan sükut hakimiydi ətrafa», – deyə yazacaqdı.
Nəhayət, bizimlə gəlmək istəyən bir neçə adamla birlikdə özümüzü təyyarənin içinə saldıq. Protokol şefi Əmir Aslan Əfşar, atası Əbülfət Atabəy, ərimdən qabaq sıra-sıra Əhməd Şaha və Rza Şaha xidmət eləyən Kambiz Atabəy, bizim şəxsi təhlükəsizliyimizi qoruyan Kiomərs Cahanbini və Yəzdan Nəvisiylə mühafizə zabitləri bunların arasındaydı. Uzun zamandan bəri xidmətimizdə olan başqa insanlar da vardı. Sarayda son anda ətrafımda heç bir qadının olmadığını görüb, dörd uşağımızın həkimi olan qohumlarımızdan doktor Luiza Pirniadan sonu naməlum bu səfərə mənimlə getməyi istəyib-istəmədiyini soruşmuşdum. Dərhal qəbul eləmiş, ailəsini orada qoyub, təkcə, paltarlarını yığdığı kiçik bir çamadanla bizə qoşulmuşdu. Aşpazımız da bizimləydi, İranı, vərdiş elədiyi mətbəxi bir daha görməyəcəyini sezdiyindəniydi, deyəsən, son dərəcə vasvası olan bu adam özüylə iri yemək qazanlarını, çuvallar dolusu noxud, düyü və mərcimək götürmüşdü… Qısasl, hər kəs bir şeylə təskinlik tapmağa çalışırdı.
Təyyarəyə minər-minməz Şah komanda hissəsində əyləşdi. Bu əvvəldən ən böyük zövqlərindən biriydi. Beləcə, keçirdiyi iztirablara baxmayaraq, hətta bəlkə də bu sarsıntı üzündən özünü sonsuzluğadək İrandan uzaqlaşdıracaq, yaxınlarının əlindən qoparacaq bu səyahətdə təyyarəni şəxsən sürmək istəyirdi. Yaşadığımız hadisələrin çoxluğundan çaşıb qalmışdım, amma için-için də dözməyi bacardığımdan özümlə qürur duyurdum. Təyyarəmizin havaya qalxmasıyla bağlı daha bir xatirəm yoxdu.
İranın hava məkanında uçduğumuz müddətdə ərim təyyarəni idarə elədi. Sonra komandanı pilotlara verib yanımıza gəldi. Elə o zaman tarixin bizi içinə itələdiyi uçurumu bütün dərinliyilə hiss elədim. O anda dərhal dözmək üçün bəzi şeylər eləməsəydim, bəzi cəhdlər göstərməsəydim, ağlımı itirəcəkdim. Dünyaya zavallı ölkəmə yardım üçün müraciət eləməyi düşündüm. Üsyançılara qarşı olan, amma müdafiə imkanları olmayan xeyli adamı orda qoymuşduq, bu yaxınlarda mütləq ayaqlarına yıxılacaqdılar. Onlara tez kömək çatdırmaq lazım gəlirdi, bizə yaxın olan dövlət başçılarına xəbər verilməliydi. İçəridən bəzilərinə mesaj göndərmək üçün dərhal Şahdan izin istədim. Mənə qəribə tərzdə baxdı, sonra istəməyə-istəməyə razı oldu. Əfşar bəyin köməyilə bu çağırışları qələmə aldım. Sonra ilk dəfə Misirin güneyində, Asuana doğru uçanda, həyəcanla dəftərin ilk səhifələrini qaralamağa başladım. Bu dəftəri on səkkiz ay ərzində, Şahın ölümünə qədər özümdə saxladım. Aşağıda o dəftərdən bir neçə sətir çatdırıram:
«16 yanvar 1979.
Sarayda durum qorxuludu, çox qorxuludu. Görülməsi lazım gələn çox işlər, telefonla tapılmalı olanlar, ətrafdakı insanların hıçqırtıları…
Ümidsizliyə qapılmamalı, ağlamamalıyam, ürək-dirək verməliyəm. Bütün həyatımı arxada qoyuram, geri dönmək ümidimi qoruyub saxlayıram, amma eyni zamanda üzüntüdən ürəyim darıxır. Sarayda ayaqlarımızı qucaqlayan, yalvaran, suallar verən insanlar: «Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Niyə bizi tərk eləyirsiniz? Bizi başlı-başına buraxmayın…»
«Xeyr, ayağa qalxın, Allaha güvənin. Siz zabitsiniz, ağlamamalısınız», – dedim. Mən içimdə ağlayırdım, amma onlar görmürdülər.
Vertolyotdan düşəndə, gülümsəməli, inandırıcı sözlər tapmalı, daim güclü olmalıyam. «Əminəm ki, beynəlxalq birlik bu vəziyyətin öhdəsindən gələcək, mən İran xalqına güvənirəm».
Jurnalistlərələrə dediklərim bunlarıydı. Aralarından bir nəfər mənə «Allah köməyiniz olsun!» deyə pıçıldadı. Sonra hamı təyyarəyə doğru yönəldi. Orda insanlar Şahın qarşısında diz çökdülər. Ərim pərişan olmuşdu, gözləri yaşla doluydu. Pilotlar, zabitlər, jurnalistlər, mühafizəçilər, hamı hıçqıra-hıçqıra ağlayırdı.
Bomboş səmaya qalxdıq. Hər şeyi itirməyin qorxusu qəlbimi qorxunc şəkildə parçalayır. Uşaqlarım, dostlarım, ölkəm… ürəyim param-parça! Bu sonu bilinməyən səfərə çıxmaqdansa, yurdumda ölməyi üstün tutardım. Sonu bilinməyən bu səfər bizi hara aparacaq? Qəlbim bu qədər parçalanıbsa, yaşamağa, təpərli olmağa necə davam eləyəcəyəm?»
İlk gənclik illərimdə gələcəyimi düşünəndə, özümü mədəni, qürur duyacağım bir kişinin yanında təsəvvür eləyərdim. Get-gedə daha çox qadının İranın inkişafına qoşulmaq üçün səfərbər olduqları bir vaxtda, 50-ci ilin axırlarında təhsilimi bitirmədən ərə getməyi fikirləşmirdim. Günlərin birində ölkəmizin ən böyük şəxsiylə evlənmək ağlıma belə, gəlməzdi. Şahdan bir gün:
«Niyə məni seçdin», – soruşmuşdum.
«İlk görüşlərimizin birində, günortadan sonra yeddi daş (uşaq oyunu – N.Ə.) oynamışdıq, xatırlayırsanmı? Olduqca çoxuyduq. Daşların çoxu hədəfə dəymədən yerə düşürdü, sən də çox incə tərzdə dərhal qaçıb oyunçuların daşını toplayırdın. Səni ondan qabaq da bəyənmişdim, amma o gün nəcibliyini sevdim…»
BİRİNCİ HİSSƏ
«…Azərbaycanlı ailəsinə mənsub olan atamın atası da fransızca və rusca danışan diplomatıymış. Atam on iki yaşındaykən kiçik qardaşı Bəhramla Sankt-Peterburqdakı hərbi məktəbə göndərilib. On altı yaşında olanda, 1917-ci ildə bolşevik inqilabı baş verib, onlar da bizim səfirin köməyilə qaça biliblər. Daha sonra atam Fransaya gedib, litsey təhsilini tamamlayır, hüquq təhsili almağa başlayır və Sent-Ceyrdəki hərbi məktəbə qəbul edilir…
Anama gəlincə, onun kökü Xəzər dənizinin sahilində yerləşən Gilan şəhərindəndi. Anam çox sayılan sufi Qütbəddin Məhəmməd Gilaninin soyundan gəlirdi. Təhsilini Tehranda, fransız rahibələrin idarə elədiyi Janna d’Ark məktəbində almışdı…»
* * *
«…Mən Azərbaycanı tanımırdım. Atam bir gün birlikdə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona nəsib olmadı, sonrakı il biz atamı itirdik…»
Fərəh Pəhləvi
I
Körpəliyimə aid ilk xatirələrimin şahidi xoşbəxtlikdən uçan atamın öz əlləriylə şəkillər çəkib, təriflər aldığı, hər sətrindən sevgi daşan bir dəftər olmuşdu. Atam bu dəftərə çəkimi, ilk gülüşlərimi, ilk sözlərimi, ya da söz qəbul elədiyi səsləri qeyd eləmişdi. Xoşbəxtlikdən göylərdə dolaşdığı apaydın görünür və sonra birdən-birə sevinci ən qəddar kabusa dönür; bu da beşinci səhifədə yazdıqları: «Bu cümə həyatımın ən sarsıntılı günlərindən biridi: Fərəh soyuqlayıb. Sərsəm dayəsi lazım olan diqqəti göstərməyib. Xəstəliyini öyrənəndə, Tehranın mərkəzindəydim, dərhal maşına oturub Şəmirana getdim. Körpəm uzanıb yatırdı, çox pis görünür və güclə nəfəs alırdı. Anası ağlayırdı. Axırda doktor Tofiq gəldi, qızımın bərk angina keçirdiyini söylədi. Fərəhin qızdırması yüksəyiydi. Bütün gecəni ona kompres qoyduq, səhərə qədər gözümüzü qırpmadıq».
Atam burda məni yataqda, alnımda böyük kompreslə təsvir eləyən şəkil çəkib; üstümdə iri sual işarəsi var. Mənə elə gəldi, öz-özündən sanki «görəsən, qızım yaşayacaqmı?» soruşurmuş. Atam sol yanımda anamı göz yaşı tökən, o biri yanımda özünü başını əllərinin arasına alıb düşünən vəziyyətdə çəkib; sarsıntısı üzündən açıqca oxunur.
Bir neçə gün sonra vəziyyətim düzəlib. Atam «Allaha şükürlər olsun, Fərəh yaxşılaşır, amma bizim gözlərimiz ağlamaqdan qan çanağına döndü», – yazıb.
1939-cu ildə (bioqrafiyasında 1938-ci il oktyabrın 14-də doğulduğu göstərilir – N.Ə.) dünyaya gəldim. Tehranın quzeyində, əsrin əvvəllərindən qalmış bağçalı bir evdə yaşayırdıq. Mən bu evdə böyümüşəm. Dayım Məhəmməd Əli Qütbi və arvadı Luiza da bizimlə yaşayırdılar. Anamla atamın və dayımla arvadının birinci mərtəbədə ayrı-ayrı böyük yataq otaqları vardı, qonaq otağı ortaq istifadə olunurdu. İranda adət olduğu kimi, qonaq və yemək otaqları birinci mərtəbədəydi, təkcə, qonaqlar və ya dəvətlilər gələndə, qapılar açılırdı. Atamın iş otağı da eyni mərtəbədəydi.
Mən doğulmamışdan altı ay əvvəl dayımın oğlu olmuşdu. Qohumum Rzayla birlikdə böyüdük. Gülümsədiyim ilk uşaq üzü onunku olmuşdu. İlk addımlarımızı birlikdə atdıq və Rza mənim çox intizar çəkdiyim qardaşım oldu.
Çox sonralar ata-anamın daha bir uşaq sahibi olmaq istədiklərini, ancaq İkinci Dünya Savaşının İrandakı dramatik nəticələri üzündən bu fikirlərindən vaz keçməyə məcbur olduqlarını öyrəndim. Ölkə 1941-ci ilin avqustundan ingilis və sovet müttəfiqlərinin işğalı altındaydı, vəziyyət dörd il ərzində heç də ümidverici görünmürdü.
Beləcə, tək uşaq olaraq qaldım, ata-anamın göz bəbəyiydim. Atamın məndən ötrü çox qayğı çəkdiyini, xəstələnməyimdən çox qorxduğunu danışmışdılar. O dövrdə bəzi azadlıqlar hələ İranda olmadığı üçün qabaqcadan mənə əllə toxunmağı və xüsusilə, məni öpmələrini qadağan eləmişdi; amma o başqa məsələdi ki, bütün bunlar yenə də daim uşaq xəstəliklərinə tutulmağıma mane olmamışdı. Böyüdükcə get-gedə sərbəstlik əldə eləyirdim, atam da başqa uşaqlarla oynamağımı artıq çox yasaqlamırdı.
Ailəmizdən qıraqda mənə ən yaxın olanlar evdəki adamlarıydı; böyük sevgiylə bağlı olduğum, ruhuma doğma olan və ağıl dəryası dayəm Münəvvər, aşpaz, anamın qulluqçusu, xırda-para işlərə baxan başqa iki adam. Rza və mən bütün bu adamları çox sevirdik, onlar bizi daha çox sevirdilər, həddən artıq əzizləyirdilər. Hamısı da bağçanın o biri tərəfindəki təzə bir evdə yaşayırdılar. Ata-analarımız evdən çıxar-çıxmaz dərhal onların yanına gedirdik. Bizi dizlərinin üstündə oturdar, nağıl danışardılar. Bəzən qorxulu olan bu nağıllardan dünyanın analarımızın bizə başa saldıqlarından daha artıq sirli və hürküdücü ola biləcəyini anlayırdıq.
Personalın qaldığı bu binanın bir hissəsi anbar kimi istifadə olunurdu; lobya, noxud, düyü, şəkər, badam, yağ kimi ərzaqları aylarla burda saxlayırdıq. Bir gün anbara ərzaq götürmək üçün girəndə, siçanlarla qarşılaşan anamın var gücüylə qışqırdığını xatırlayıram. Aşpaz dərhal köməyinə qaçmışdı. Rzayla mən də fürsətdən istifadə eləyib, həyəcanla onun arxasınca qaça-qaça heç görmədiyimiz, min bir qoxuyla dolu bu anbara girmişdik.
Ata-analarımızın nəzərində təhlükə və xəstəliklərlə dolu olan xarici aləmin uğultusu bağçanın hündür qalın divarlarının üstündən bizə gəlib çatırdı. Əsasən, küçəyə çıxmağımız yasağıydı, amma köşkün köhnə pillələrində oturub barmaqlıqların arasından yoldan keçən adamları seyr eləyərdik. Ölkə işğal altındaydı və həyat heç də asan deyildi. Bəzən böyüklərin quzeydəki təhlükəli qonşumuz SSRİ-də, uzaqda, dağların arxasındakı savaşdan söz açdıqlarını eşidirdik. İngilis əsgərlərinin cipləri də həmişə diqqətimizi çəkərdi. Bir çox dilənçi müntəzəm olaraq, bizim evə gələrdi. Onları adlarıyla tanıyırdıq. Böyüklər də dilənçiləri düşünüb, heç bir şeyi atmazdılar. Gələndə, yalnız yemək deyil, geyim, hətta uşaqları üçün oyuncaq belə verirdik.
Yayda küçə bayırda oynamalarına icazə verilən uşaqlarla doluydu, biz də barmaqlıqların arasından onlarla çənə vurardıq. O çağlarda maşın sahibi olmaq həqiqi üstünlük sayılırdı, əsasən, adamlar faytonlarla gəzirdilər. Uşaqların ən çox sevdiyi oyunlardan biri də havayı gəzə bilmək üçün arabanın arxasından sallaşmağıydı; bu bizi məst eləyən mənzərəydi. Piyadalar «Arxada adam var» qışqırırlar, arabaçı da qamçısını havada şaqqıldadıb arxadakı qaçaq sərnişinə çəkirdi. Bizə də nəfəsimizi udub bu səhnəni izləmək qalırdı.
Küçədə gördüklərim arasında məni heyran eləyənlər əsasən, səyyar satıcılardı. Eşşək belində və ya özləri düzəltdikləri, rəngli şəkillərlə bəzədikləri arabalarda, ya da başlarının üstündə ustalıqla apardıqları böyük səbətlər içində bizə mövsüm meyvələrini gətirirdilər. Qışda mandarinlər, portağallar, fırnıda bişirdiyimiz çuğundurlar… conra səbirsizliklə yayı gözləyirdik, çiyələkləri, göy ərikləri, almaları dadmaq üçün. Satıcılar təzə-tər qalmaqdan ötrü turpların, təzə soğanların, nanə, tərxun və vəzərilərin üzərinə daim su səpirdilər. Nəhayət, Tehranın həmişə çox isti keçən ilk yay günlərində gilaslar, mis qoxulu almalar, qaysılar, daha sonra da qovunlar, qarpızlar gəlirdi. Və əlbəttə, dondurma satıcıları! Biz bütün bunlara heyrətlənsək də, satıcılara yaxınlaşmağımız yasağıydı. Böyüklər növbəylə ağlagələn hər cür mikrobla dolu olan bu dondurmaların sağlamlığa nə qədər zərərli olduğunu başa salmağa çalışırdılar. Hələ də Rzayla bərabər dovşan kimi qapının üstündən adlayıb nazik halva arasındakı bu nəfis zəhəri yediyimizi unutmamışam. Küçənin tozuna bulaşdıqları üçün «xoruz şəkəri» dediyimiz əmmə konfetləri də bizə qadağan eləmişdilər.
Ancaq əsl təhlükə sudan gəlirdi; su şəhərdə çox dəyərliydi və o dövrün Tehranında həyatın axarını adətən su göstərirdi. Şəhəri təmin eləyən yalnız iki qaynaq olduğundan içməli su çox azıydı. Atların dartdığı, bütün şəhəri gəzən çənli arabalar bizə də su gətirirdilər. Səyyar səbzi satıcıları kimi, suçular da gəldiklərini xəbər vermək üçün özlərinə xas nəğmələrini oxuya-oxuya çağırırdılar. Dərhal qablar çıxarılır, suçu da onları bir neçə quruş müqabilində doldurub gedirdi.
Təmizlik və ev işləri üçün istifadə edilən su Tehranın quzeyindəki Elburz dağlarından gəlir və kiçik açıq kanallardan ibarət ibtidai şəbəkə bütün küçələrə su paylayırdı. Bu bulanıq suyu götürmək üçün hər səmtə müəyyən bir gün ayrılmışdı. Kiçik dəhnələrlə suyun istiqaməti dəyişdirilir, beləcə, bir neçə caat ərzində evlərin altındakı çənlərə, ya da bağçadakı, həyətdəki hovuzlara axıdılırdı. Bizim evdə həm çən, həm də hovuz vardı. Hovuza axan suda yuxarıdan üzüb gələn qarpız qabıqlarını, quru yarpaqları, siqaret kötüklərini, kiçik taxta parçalarını maraqla izləyərdim. Bir neçə gün sonra selinti dibə çökür, su damın altındakı çənə vurulub mətbəxdə və hamamda istifadə olunurdu. Çənə atılan kirəc məhluluna baxmayaraq, bu səbəbdən, suyun içində xırda qurdlar qaynaşırdı, bizə krantlardan qəti su içməməyimiz daim təkrarlanırdı.
Küçənin bizi cəlb eləyən qarmaqarışıqlığı arasında bəzən oyuncaq satıcısının səsi də eşidilirdi. Uşaqların xəyallarını bəzəyən hər cür oyuncaq, başında apardığı səbətin iki tərəfində salxım-salxım, saçaq-saçaq düzülüydü. Taxtadan və ya bişmiş torpaqdan qavallar, rəngbərəng kağız fırlanğıclar, şarlar, fişənglər, ipatdılar və bu cür oyuncaqların hamısı biz uşaqlar üçün xəzinə dəyərindəydi. Ara-sıra satıcıdan bizə oyuncaq alınsa da, əsasən, oyuncaqlarımızı özümüz düzəldirdik, bəzən də ev xidmətçiləri də bizə kömək edirdilər. Çağalarımızı araba arzusuyla ayaqqabı qutularında gəzdirirdik. Oğlanlar köhnə velosiped təkərlərini çəmbər kimi çevirirdilər. Kuklalarımızı da böyük ustalıqla ordan-burdan topladıqları parçalar düzəldirdilər… Mənim xəzinəmdə iki xarüqə oyuncaq vardı: «Ana» deyən kukla və sahibinə əlahiddəlik verən BSA markalı, əsl ingilis malı olan velosiped.
Oyuncaq satıcısından başqa bəzən «səyyar kino» göstərən də peyda olar və sehrbaz kimi bizi əyləndirərdi. Parlaq mislə örtülü qutusunda dörd ədəd göz dəliyi vardı. Uşaqlar pulu verib gözlərini bu deşiyə dayayanda, adamın inana bilmədiyi, fövqəladə mənzərəyə oxşayan rəsmləri və şəkilləri görürdü. Səsi də mənzərənin həyəcanlı, ya da komik olmasına görə, dəyişən tonlara ayrılırdı; mahnı oxuduğu da olurdu. Bizim hərfi mənası «Avropa şəhəri» (Shahre Farang) olan bu böyüdücü qutunun cazibəsinə qarşı durmağımız heç mümkün deyildi. Ona görə də traxomaya yoluxmağımızdan qorxan ailəmiz bizə bu sehrli qutunu da yasaq eləmişdi. Traxomanın o qorxulu bakteriyası gözə çox tez düşür və bir çox uşağın kor olmasına səbəb olurdu.
Rzayla mənim bəxtimiz gətirdi, traxomaya yoluxmadıq, amma mən «Şərq çibanı»ndan qurtula bilmədim. Bu traxoma qədər təhlükəli xəstəlik olmasa da, çibanı törədən milçəyin qoyduğu iz ömür boyu qalır. Mənim çiban izim sağ əlimin üstündədi. Fəlakəti yenə asan keçirdiyimizi düşünən atam həkimdən qalacaq izin çox kiçik olması üçün əlindən gələni eləməsini rica edib. Ona: «Bilmək olmaz, doktor bəy, bəlkə də günün birində adamlar qızımın əlini öpəcəklər…», – dediyini anam mənə danışmışdı.
Küçədə məni cəlb eləyən bu qədər çox şey olmasına baxmayaraq, ən böyük xoşbəxtlik yayda Tehrandan ayrılıb Elburz yamaclarında salınan Şəmirana getməyiydi. Beləcə, şəhərin insanı bezdirən cəhənnəm kimi istisindən, tozundan qurtulur, dağların təmiz havasını udur, axşamlar da ləzzətli sərinlik hiss eləyirdik. Bu gün Şəmiran Tehranın quzeyində varlıların yaşadığı, çox yaraşıqlı yaylaq şəhərinə dönüb. Mən uşaq olanda, şəhər mərkəzindən on iki kilometr uzaqda, min səkkiz yüz metr yüksəklikdə salınmış balaca, gözəl bir qəsəbəydi. Bu cənnət guşəsində iki aylığa villa kirayələyirdik. Kef daha çox səfərlə başlayırdı. Hamımız atamın böyük «Ford» maşınına doluşurduq, xidmətçilər də faytonla arxamızca gəlirdilər. Sanki karvandaydıq, başqa yerə köç eləyirdik. Qocaman çinarların, kiçik sarı gül fidanlarının arasında qıvrıla-qıvrıla gedən bu yola heyran olurduq. Analar topladıqları qönçə güllərdən şərbət düzəldərdilər.
Şəmiranda evləri olan bir çox qohum və tanışla görüşürdük. Onlarla ara-sıra evcik oynadığım olurdu, amma bu çox sürməzdi. Mən daha çox oğlanlar kimi top qovmağı, gizlənpaçı, eşşək belində və ya piyada dağda-daşda dolaşmağı sevir, günorta yuxusundan qaçmaq üçün mümkün olan hər şeyi eləyərdim. Əllərimi palçığa batırıb torpaqla ev tikməkdən xoşlanar, təzə ceviz sındırar, barmaqlarımın qapqara olmasına fikir verməzdim. Əlimizi qaratut yarpaqlarıyla təmizlədiyimizi xatırlayıram. Xoşum gələn şeylərdən biri də ağaclara dırmanmağıydı. Hamısı mənim dostlarımıydı. Armud, alma, ceviz, qarağat, tut ağaclarını bir-bir tanıyırdım, bəzən ağacın başına çıxanda, oyunu belə, unudar, düşməyi heç ağlıma gətirməzdim. Budaqların münasib yerinə örtük salır, özümə yuva qurub oturardım; göy üzünün ənginliyinə dalar, xəyallara cumardım; axşam düşər evdəkilər məni görməyəndə, narahat olardılar.
Şəmiranda axşamlar son dərəcə gözəliydi. Hamımız ailəlikcə kənd meydanında toplanardıq. Şiş kababı, közə basdırılmış qarğıdalı, təzə ceviz, hər cür şirniyyat satıcıları da orda olurdu. Dondurma burada artıq qadağan deyildi. Ata-analar gəzinəndə, ya da qəhvə arxasında oturanda, biz uşaqlar kiçik dükanların arasında dolaşıb, şirniyyat yeyər, əylənərdik. Evə dönəndə, çox zaman böyük salonda hamımızın birlikdə yatmağımıza icazə verilərdi. Bütün qışı rahatca ata-anamızın otaqlarında yatdığımızdan, Rzayla məndən ötrü yerə sərilən döşəklərin üstündə yatmaq ağlagəlməz əyləncəydi, elə bil, dünya tərsinə dönürdü.
Tehrandakı italyan məktəbinə getdiyim ilk günlərdə dünya müharibəsi davam eləyirdi. Ailəm fransız dili xüsusi öyrənildiyi üçün bu dili seçmişdi. Atam da fransızca danışırdı və Fransaya çox bağlıydı.
Əvvəl Qacar xanədanı dövründə sarayda çalışmış, sonra Rza şaha xidmət eləmiş azərbaycanlı ailəyə mənsub olan atamın atası da fransızca və rusca sərbəst danışan diplomatıymış. Atam on iki yaşındaykən kiçik qardaşı Bəhramla Sankt-Peterburqdakı hərbi məktəbə göndərilib. On altı yaşında olanda, 1917-ci ildə bolşevik inqilabı baş verib, onlar da bizim səfirin yardımıyla qaça biliblər. Daha sonra atam Fransaya gedib litsey təhsilini tamamlayır, hüquq təhsili almağa başlayır və Sent-Ceyrdəki hərbi məktəbə qəbul edilir. Diplomunu alıb geri, İrana dönüb, gələcək ərimin atası Rza şahın ordusunda əsgərliyini eləyib.
Anama gəlincə, onun kökü Xəzər dənizinin sahilində yerləşən Gilan şəhərindəndi. Anam çox sayılan sufi olan Qütbəddin Məhəmməd Gilaninin soyundan gəlirdi. Təhsilini Tehranda, fransız rahibələrin idarə elədiyi Janna d’Ark məktəbində almışdı. Eyni məktəbə illər keçəndən sonra mən də gedəcəkdim.
İtalyan məktəbində təhsilimə başlayanda, hələ on altı yaşındaydım. Anamın o gün mənə ağ kofta və dama-dama ətək geyindirdiyi dünənki kimi yadımdadı. Çəkingənliyimi də xatırlayıram. Digər uşaqlara qarışmağımın lazım gəldiyi deyilmişdi mənə, amma anamın içinə dəftər, qurğuşun qələm və tənəffüsdə yemək üçün alma qoyduğu kiçik çantamı bərk-bərk qucaqlayıb bir küncdə büzüşüb qalmışdım.
Xülasə, məktəbə alışmağım uzun çəkmədi. Yeni məktəb həyatı mənə azadlıq vermiş, dünyaya pəncərə açmışdı. Atam ara-sıra «Ford» maşınıyla məktəbə aparırdı, amma çox zaman xidmətçilərin birinə məni məktəbə aparıb-gətirməyi tapşırar, fayton pulunu da verirdi. Xidmətçi bu pulu əsasən özünə saxladığındandı ki, iki tərəfində barsız akasiya ağaclarının sıralandığı küçələrlə gördüklərimə heyran ola-ola piyada getdiyimizi xatırlayıram. Çiçək açmış bu barsız akasiya ağaclarını çox sevirdim, bu gün belə, qoxusunu duyanda, Tehranın həsrətindən burnumun ucu göynəyir.
Məktəbdə bizə Quran da öyrədilirdi. Daha doğrusu, mənası izah edilmədən, təkcə Müqəddəs kitabı oxumaq öyrədilirdi. Barmağımızı sətirlərin üstündə gəzdirməyə icazə verilmədiyindən, kağızdan düzəltdiyimiz çubuqdan istifadə eləyirdik, bu da məni çox çaşdırırdı. Anam və atam iranlıların böyük qismi kimi müsəlmanıydılar, anam din qaydalarına atamdan daha çox bağlıydı. Mollaların, din uğrunda şəhid olanların yaşantılarını anlatdıqları və bəzən peşəkar ağıçı qadınların da iştirak elədikləri dini yığıncaqlarda anam da digər qadınlarla birlikdə hıçqıra-hıçqıra ağlayırdı. Biz uşaqlar niyə ağladıqlarını anlamasaq da, duadan sonra hamıya halva paylandığı üçün çox xoşbəxt olurduq.
Anam Ramazan ayı ərzində oruc tutub, namaz qılsa da, bizi buna heç vaxt məcbur eləməzdi. Rzayla mən yalnız, bir az da az yeyirdik, vəssalam! İranda buna «qış orucu» deyilir. Mən də anamla birlikdə müqəddəs yerləri ziyarətə gedirdim; beləcə, ruhani səfərə çıxmaq və niyyət eləmək fürsəti qazanırdıq. Kiçik olanda, ana babamın məzarının yerləşdiyi müqəddəs Qum şəhərinə getdiyimi də xatırlayıram. Bir neçə il sonra, yeddi-səkkiz yaşındaykən, Xəzər sahilindəki müqəddəs bir yerdəydik, orda uşağın yaddaşında unudulmaz iz buraxan, ilk baxışda əhəmiyyətsiz və mənasız görürən hadisəylə rastlaşdım: başım açığıydı, bir molla mənə sərt şəkildə: «Saçlarını ört, yoxsa cəhənnəmə gedərsən!» – deyə qışqırdı. Görkəmdən yoxsul bu adamın məndə oyatdığı qorxunu heç unuda bilmədim. Otuz dörd il sonra Ayətüllah Xomeyni bu qorxunu yenidən oyandırdı.
Atamı əsasən, birinci mərtəbədəki iş otağında oxuyub-yazan görürdüm. Farsca və ya əcnəbi dildə veriliş yayan radioları daim dinləyirdi. Onu heç uniformada görmədim: həmişə çox zövqlə geyinirdi, hətta ən sevdiyi idman olan tennis oynayanda belə, tərtəmiz pantalonunun üstündə bəyaz lələk olurdu. Orduda hüquq məsləhətçisiydi, müharibə vaxtı Yuqoslaviya səfirliyində çalışırdı. O, hər dəfə evdən çıxanda, nə qədər sarsıldığımı çox aydın xatırlayıram. Uzaqlaşdığını görəndə, sanki bir daha heç geri dönməyəcəyini fikirləşirdim, qəlbim parçalanırdı. Bu sonradan başımıza gələn fəlakətlə bağlı öncəgörməydimi, görən? Hər nəydisə, elə ağlayırdım ki, anam atamın evdən çıxdığını məndən gizlədirdi. Atam axşam dönəndə, tapşırıqlarıma kömək eləmək üçün yanımda oturanda, hər şeyi unudardım. Nadir hallarda da olsa, axşam yeməyini başqa yerdə yeməsi lazım gəlirdisə, səhər yastığımın altından tapdığım kiçik bir hədiyyəylə könlümü alırdı.
İkinci Dünya Müharibəsinin axırında Azərbaycan böhranı baş verdi. (Bu mövzuyla bağlı Fərəh Pəhləvinin fikirlərinin İran dövlətçiliyi mövqeyindən söyləndiyini oxucularımızın nəzərə almasını istərdik. – N.Ə.) Kiçik olmağıma baxmayaraq, hadisələrdən çox təsirlənməyimin səbəbi atamın azərbaycanlı olmasıydı. Orada yaşayan əmilərim və bibilərim dərhal ölkədən çıxarılmışdılar. Güneydə ingilis, quzeydə sovet qoşunlarının işğalı altında olan İran, ancaq sülhdən sonra azadlığına qovuşa bildi. İngiltərə və SSRİ 1942-ci ildə imzaladıqları müqaviləylə, döyüşlər sona çatdıqdan sonra qoşunlarını torpaqlarımızdan geri çəkməyi qəbul eləmişdilər. Hər iki ölkə bu müqaviləyə sadiq qaldılar, amma Moskva qoşunlarını Azərbaycanda saxlamaqda davam elədi. 1942-ci ildə qurulan Kommunist Tudə Partiyası sovetlərin mövcudluğundan istifadə eləyib, xüsusilə, Azərbaycanda çox böyümüşdü. Azərbaycan Demokratik Partiyasının lideri kommunist Cəfər Pişəvəri artıq Azərbaycanın müstəqilliyini tələbi irəli sürürdü. Sovet İttifaqı da bölgənin öz ağuşuna düşməsini gözləyirdi.
Bu zərurət gerçəkləşdi. Qohumlarımızın həmin faciəni necə yaşadıqlarını çatdıracaq sözləri tapa bilmirəm. Anamın ailəsində dayılarım və xalalarım bir zamanlar «Sovet Sosialist Gilan Cümhuriyyəti» kimi elan edilən Gilan şəhərindən, 1920-ci ildə kommunistlər tərəfindən zor işlədilib, sürgün edilmələrinin acı izlərini yaddaşlarından silə bilməmişdilər. O kommunistlərin üzündən anamgil lap uşaq olanda, Tehrana gəlmişdilər. Və budu, eyni zorakılıq bu dəfə atamın yaxınlarına qarşı işlədilirdi.
Mənim çox uzun müddət kommunistlərə qarşı duyduğum qorxunun səbəbi elə bu 1945-1946-cı illərdə qohumlarımın yaşadıqlarına şahid olduğum fəlakət və ata-anamın sarsıntısıydı. Kommunistləri sevmirdim, Şaha qarşı olduqları üçün onlardan qorxurdum. Başqa bir siyasi görüşüm yoxuydu. Çox qatı Şah tərəfdarı və yenilikçi olan ata-anamın nəzərində Tudə Partiyası İrana xəyanət eləyirdi, bu da pisliyin lap özüydü, çünki belə hərəkətiylə torpaqlarımızın bir hissəsini yabançı qüvvələrə verirdi.
On üç il sonra həyatımı birləşdirdiyim gənc Şahla bağlı ilk xatirəm bu 1946-cı ilə aiddi. Məhəmməd Rza Pəhləvi 16 iyul 1946-cı ildən bəri hökmdarıydı. Böyük Rza şahdan sonra işğal qüvvələri tərəfindən diz çökdürülən bir millətə rəhbərliyi o, ələ almışdı, Azərbaycanın qurtuluşu, heç şübhəsiz, ona bütün iranlıların minnət duymasını sübut eləyən ilk tarixi gerçəyiydi.
Dahi bir diplomat olan baş nazirimiz Qəvam-üs-Səltənənin (Cənubi Azərbaycanın müstəqilliyinin boğulmasında başlıca şəxs olub- N.Ə.) rəhbərlik elədiyi Tehran hökuməti xarici ölkələrin də dəstəyilə Stalini öz imzasına hörmət eləmək zorunda qoydu və nəhayət, 1946-cı il mayın 10-da sovet qoşunlarına İrandan çıxmaq əmri verildi. Amma müstəqilliyini elan eləmiş Azərbaycanda hələ Tudə Partiyasına mənsub olan üsyançıların işğalı sürürdü. Qayda-qanunu bərpa eləmək üçün İran Ordusu Azərbaycana girdi və axırda, 1946-cı il dekabrın 12-də paytaxt Təbriz azad olundu.
Ailəm bayram sevinci yaşayırdı, bu çox böyük bir günüydü. Azərbaycandan dönən şahın Tehrana girdiyi məlum olanda, bütün şəhər onu alqışlamaq üçün küçələrə töküldü. Şah bizim küçənin yaxınlığındakı məhəllədən də keçəcəkdi. Hamımız ordakı qarajın damına çıxdıq. Şahı görmək üçün adamlar bir-birini itələyir, qışqırır, alqışlayırdılar. Nəhayət, Şah göründü. Mənim kimi, hələ səkkiz yaşında olan uşaq üçün bu gözqamaşdırıcı mənzərəydi; ona heyran olmuşdum.
O axşam, ya da ertəsi gün bu hadisəni ailəmizdə də bayram elədik. Mən Azərbaycanı tanımırdım. Atam bir gün birlikdə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona qismət olmadı; sonrakı il atamı itirdik.
II
Bütün dünyada olduğu kimi, İranda da üfüqün aydınlaşdığı, artıq gələcəklə bağlı xəyallar qura biləcəyimiz bir vaxtda ortaya çıxan atamın ani rahatsızlığı bizi dərindən yaraladı. Sağlam və düzgün həyat sürən atamda qəfildən yorğunluq əlamətləri göründü. Dübbədüz eyni vaxtda gözləri və dərisi saralmağa başlayanda, həkimlər sarılığa tutulduğunu güman elədilər. Xəstəliyin ilk həftələrindən xüsusilə, yadımda qalan atamın daim qaşınmasıydı. Qollarının, qıçlarının qaşınması onu əsəbiləşdirir, heç bir şey uzun müddət rahatlanmasına kömək eləmirdi.
Sarılığa qarşı ən yeni dərmanlarla müalicə aparır, bundan başqa ənənəvi olaraq, evlərdə düzəldilən dərmanların hamısını da içirdi. Ailəmizdə İranda çox geniş istifadə edilən, bitkilərdən düzəldilmiş xüsusi dərmanların köməyinə hamımız inanırdıq, bu gün belə, mən hələ bu ənənəvi dərmanları laboratoriyada düzəldilmiş dərmanlardan üstün tuturam. Atam da qara bitki suyu içir, dadlı su balıqları yeyirdi, amma heç birinin xeyri dəymirdi, nə qaşınmaları keçib-gedir, nə də dərisində düzəlmə olurdu.
Hamımıza çox ağır təsir göstərən, amma hər şeyə baxmayaraq, nəzarət altına almağa çalışdığımız bu xəstəlik qəfildən bizə başqa hər şeyi unutdurdu, gündəlik həyatımızı alt-üst elədi: atam xəstəxanaya yerləşdirildi. Həkimlərin bundan sonrakı müayinəsi həyəcan təbilinin çalındığını göstərirdi. Neçə həftədən bəri sarılıq müalicəsi apardıqları atamın əslində, mədəaltı vəzilərin xərçənginə tutulduğu və əməliyyatın vacibliyi ortaya çıxmışdı. Bu həqiqəti mənə çox sonra söylədilər, amma onun xəstəxanaya aparıldığı gün sözlə başa salınmaz dərin qayğı duymuşdum. Atama nə olmuşdu? Məni baş çəkməyə aparanda, onu tanıya bilməmişdim: zəifləmişdi, üzünün kül rəngli dərisi qırış-qırışıydı, mənə bir-iki söz deməyə gücü də qalmamışdı. Ən çox da anamın «dren» dediyi, qarnına qoşulmuş və içindən sarı maye axan o boru məni qorxutmuşdu. Niyə bu borunu taxmışdılar? Xəstəliyi nəydi? Evə nə vaxt qayıdacaqdı? Üzüntüləri üzlərindən oxunan anam, dayım, bibim sanki dillərini udmuşdular, suallarımı məcburi təbəssümlə başlarından eləyirdilər: «Narahat olma, canım, yaxşılaşacaq».
Sonra birdən-birə xəstəxana ziyarətləri bitdi. Səbəbini dərk eləməkdə çətinlik çəkirdim. Atamın müalicə olunmaq üçün Avropaya getdiyini dedilər. Yalanıydı bu! Atam ölmüşdü, amma mən bütün gücümlə həmin yalana sarıldım, axırda bunu məktəbdə öyünmə mövzusu eləməyi də bacardım. O dövrdə hamını heyrətə salan Avropaya müalicə olunmağa getmək ancaq çox varlıların, adlı-sanlı adamların imkanı daxilindəydi. Beləcə, atam da Avropadan hörmət qazanıb qayıdacaqdı.
Bir gün anamı və Luiza bibimi hıçqıra-hıçqıra ağlayanda yaxaladım. Anamın bir xalasının öldüyünü söylədilər: bu da evdə hamının, xüsusən də, anamın niyə o qədər üzgün olduğunu aydınlaşdırmağa bəs eləyirdi. Onlara inandım. Elə hesab eləyirəm ki, məndən gizlədikləri acı həqiqəti qəbul eləməkdənsə, söylədikləri hər şeyə inanmağa, özümü aldatmağa razıydım.
Günlər, həftələr keçir, atamdan heç bir xəbər almırdıq.
«Atam niyə bizə məktub göndərmir?»
«O xəstədi, Fərəh, xəstələr məktub yaza bilməz».
«Bu doğru deyil, İffət xala da xəstədi, amma ailəsinə yazır».
Bu xala doğrudan da, Avropadaydı və ailəsi müntəzəm olaraq, ondan uzun məktublar alırdı.
Yas tutulduğu bəsbəlli olan bu böyük evdə yavaş-yavaş mən də daxil olmaqla, hamı atamdan söz açmağı tamamilə bir tərəfə qoydu. Qapını döymədən otağa girəndə, adamlar susur, ya da dərhal mövzu dəyişdirilirdi, bibimdən daha solğun, üzüntüdən xarab olmuş anamsa, elə hey ağlayırdı.
Aylar keçdikcə, atamı bir daha görməyəcəyim barədə fikir beynimə necə yerləşdi, heç bilmirəm. Şüuraltı duyğuyla, sözə çevrilmədən oldu bu. Madam ki, mənə onun öldüyünü deməmişdilər, madam ki, məzarının üstünə getməmişdim, deməli, rəsmi olaraq, atam ölmüş sayıla bilməzdi. Tehranın güneyində İmamzadə Abdulla məzarlığında yatan atamın qəbrinin üstünə ilk dəfə gedəndə, on yeddi yaşındaydım. Bəli, rəsmən ölü deyildi, amma mən onu sözün tam mənasında, itirmişdim. Həyatımda böyük boşluq varıydı, gözləyirdim… Sonra hər şey hüzn pərdəsinə büründü. Mən bir damcı göz yaşı tökmədən, heç dözə bilməyəcəyim şey olmuşdu. Bu gün bəzi adamların atamın qəbrini gizlicə ziyarət elədiklərini, çiçək qoyduqlarını bilirəm. Hətta atamın xatirəsinə hörmətsizlik edilməməsi üçün qəbrinin üstündəki adını silmək niyyətində olduqlarını da bilirəm.
Aradan qırx il keçəndən sonra bir həkimin müayinəxanasından qayıdanda, eyni bərk ağrı məni də yaxaladı. Ərimi itirməyimdən bir neçə il keçmişdi. Yaşadığımız bu qədər hadisədən sonra uşaqlara və mənə çox kədər verən yasdan, keçmişdən və ailə yaşantımızdan söhbət eləyirdik. Atamı «itirməyimi» danışma tərzimdə bəzi şeylər qəribə gəlmişdi ki, doktor qəfildən olub-keçəni niyə açıq bildirmədiyimi soruşdu:
«Atanız ölüb, yox? Niyə belə demirsiniz?»
Bunu bacarmayacağımı güman eləyirdim, amma axırda mənə çox ağır gələn həmin iki kəlməni birləşdirib «atam öldü» dedim və hıçqırıqlar məni boğdu.
Bir neçə ay sonra uşaqlığımı keçirdiyim bu böyük evdən ayrılmaq məcburiyyətində qaldıq, anam və dayım artıq atamın sağlığında yaşadığımız həyatı davam etdirmək imkanında deyildilər. Bir binanın damı altındakı mənzilimizə daşındıq. İri xiyabanından paytaxtın böyük hissəsinin, xüsusilə, Tehran Universitetinin tikililərinin göründüyü mənzilimizə dərhal isinişdim. 50-ci illərin başlanğıcıydı. Universitetin sayı sürətlə artan yeni nəsil üçün təzə binalara ehtiyacı vardı. Kranların işləmələrini, yük maşınlarının manevrlərini izləyə-izləyə keçən yüzillikdən qalan şəhərin, orda-burda göydələnlərin ucaldığı, avtomobillərin sel kimi axdığı geniş məhəllələrə bölünmüş müasir paytaxta çevrilməsinə göz qoya-qoya, neçə-neçə saatlar keçirdim bu xiyabanda!.. Elə güman eləyirdim ki, bir neçə il sonra seçdiyim memarlıq peşəsinə olan bağlılığım bu dövrdə başladı. Bizimlə eyni evdə yaşayan dayım da memarıydı, axşamlar onun layihələrinin üzərinə əyilib işlədiyinə tamaşa eləmək xoşuma gəlirdi.
Yayda istidən canımızı qurtarmaq üçün yorğan-döşəyimizi xiyabana çıxarır, hamımız birlikdə açıq havada yatırdıq. Yuxuya getməzdən qabaq təsəvvürün tam olması üçün bir gözümü yumub, qolumu uzadır, bir ulduzu və ya ayı barmaqlarımdan birinə keçirir, qiymətli daşdan üzüyüm olduğunu xəyalıma gətirirdim, bu oyundan zövq alırdım. Başqa gecələr Rzayla Tehranın açıq havadakı kinoteatrı olan «Diana»nın iri pərdəsində göyüzünə oxşayan mənzərələri heyranlıqla izləyərdik.
Şəmirandakı uzun yay tətillərinə də əlvida demişdik, anamın artıq orda villa kirayələyəcək qədər pulu yoxuydu. Şəmirana ara-sıra, ancaq bir neçə günlüyünə, orda evləri olan üç dayımdan birinin yanına gedirdim. Belə dəyişiklikdən çox zərər çəkdiyimiz deyilə bilməzdi, çünki böyüklər tətilimizi Şəmiran əvəzinə Gilan və Azərbaycandakı qohumlarımızın yanında keçirməyi qərara aldılar. Bu tətillər və xüsusilə, oraya getmək üçün səfərlərimiz böyümə çağımın şübhəsiz, ən gözəl xatirələrini təşkil eləyir. Avtobuslara minərdik. O dövrdə yollar hələ asfaltlanmamışdı, yandırıcı küləklə sovrulan toz buludları açıq pəncərədən içəri dolardı. Yolun kənarında limonad içmək üçün dayananda – su içməyimiz qadağanıydı – saçlarımız və kirpiklərimizin tozdan dümağ olduğunu, tanınmaz hala düşdüyümüzü, yaşlılara bənzədiyimizi görüb qəhqəhəylə gülərdik.
Azərbaycanda Təbrizə, əmim Mənuçöhrün evinə gedirdik. Orda ailəyə məxsus böyük, qədim evdə qalırdıq. Əmim bizi meyvə ağaclarıyla dolu olan geniş ərazisində istirahət eləməyə aparır, mən də doyunca qaysı, gilas yeyirdim.
Güzəranlarını torpaqdan qazanan bütün qohumlarımın ən böyük qorxusu quraqlığıydı. Hey yağış yağmasına ümid bəslənir, yağmur duasına çıxılırdı. Adətə çevrilən bu yağış həsrəti, mənim üçün də yavaş-yavaş iztirab mövzusu olmağa başlamışdı. Torpaq sahibi olmadığımız üçün Tanrıya səmimi şükür elədiyimi xatırlayıram. Başqa bir dünyanın qüvvələrini öyrənməyə başlamışdım: ədalətin olmadığı, rəhmsiz, ibtidai dünyanın… Torpaq islahatı hələ keçirilməmişdi, yoxsul kəndli ailəsini dolandırmaq üçün bir az buğda oğurlayar, ya da yanlış iş görərdisə, torpaq ağası onu döyə, hətta daha ağır cəza verə bilərdi. Bu vəziyyəti qəbul eləmir, üsyana qalxırdım, hətta iki-üç dəfə kəndliləri istismar eləyən torpaq sahiblərinə çox qəzəblənmiş, hirsimdən ağlamışdım. Onları gecə, projektorların işıqlandırdığı cipləriylə ceyranları ovlayanda gördüyüm zaman da eyni üsyanı yaşamışdım. Gözləri işıqdan qamaşan zavallı heyvanların ən kiçik qurtuluş şansları yoxuydu! Sevilən bir uşağıydım, yaxınlarım duyğularımı ciddi qəbul eləyirdilər, amma ağaların bu alçaldıcı və zalım hərəkətlərinin mənim kimi kiçik şəhərli qızı nə qədər çox yaralaya biləcəyini tam dərk eləmirdilər.
Zəncanda yaşayan bibim Əzizin yanında olanda, ciplə uzaq kəndlərə ziyarətə, ya da şənliklərə qoşulmağa gedirdik. Bibim bu bəhanəylə bəzi ailələrə dərman aparırdı. Səfərlər mənim İranın nə qədər böyük və iqliminin nə qədər sərt olduğunu görməyimə imkan verirdi, çünki təhlükələr heç də əskik deyildi. Çayları keçməyimiz, qorxudan nəfəsimizi kəsən dar aşırımların ətrafında dolaşmağımız, heyvanlardan, xüsusilə, canavarlardan ehtiyatlı olmağımız lazım gəlirdi; kişilər bu səbəbdən silah gəzdirirdilər.
Ara-sıra ata minib, tarlaların arasında dolaşa-dolaşa kəndlilərlə söhbət elədiyimiz də olurdu. Günorta vaxtı hamımız birlikdə çəmənlikdə oturur, kişilərin kəsdikləri qarpızı bölüşdürürdük. Adamlar Azərbaycanın kommunist kampaniyaya qoşulmağa məcbur olduğu günləri hələ qorxuyla xatırlayırdılar. Bir gün köhnə axuru gəzəndə, yanımdakı kəndli bir atın yanında dayandı:
«Bu ata yaxşı bax, Fərəh, – dedi, – əmin Mahmud xan elə bu atın belində Tudəylə döyüşdü».
Çox yaşlı, bəyaz atıydı, bu. Onu görəndə, üstünə gün işığı düşmüşdü. İnsanı həyəcanlandıran həmin mənzərəni yaddaşıma həkk elədim.
Anamın böyük qardaşı Hüseyn dayımın yaşadığı Gilana getmək üçün Tehranın quzeyində hündürlüyü dörd min beş yüz metri keçən Elburz sıra dağlarını aşmaq lazım gəlirdi. İnsanı heyrətdən-heyrətə salan səfəriydi bu. Çay yatağı boyunca qayalıq və çılpaq əraziylə yuxarı dırmanırsınız, sonra yol qəfildən azacıq əyilib, Xəzər dənizinin çimərliklərinə qədər uzanan yamyaşıl vadiyə uzanır. Rütubətin qəfil artdığı bu yerdə bir-birinin ardınca düyü tarlalarını, çay bağçalarını görürsünüz, göyüzü adətən əllə tutulacaq qədər yaxın və qapalıdı. Yayın, yetişən düyünün qoxusu insanı sərxoş eləyir. Əsasən, quraqlıq olan Elburzun güney bölgəsinin əksinə, Gilan yaylalarının suyu boldu. Birdən-birə qabağınıza əncir, portağal, şabalıd ağacları, küsdümağacı, bizdə «ipək ağacı» kimi tanınan ağ çiçəkli albizyalar çıxır, heyrətə düşürsünüz.
Dayımın Ləhican yaxınlığında çay plantasiyaları varıydı – çay keçən yüzillikdə Çindən gətirilmişdi. Mən də dayımın uşaqlarıyla birlikdə çay yığmağı sevirdim. Fəhlələrə axşam gün boyu yığdıqları çayın ağırlığına görə haqq ödənilirdi. Biz də ən yorğun olanların səbətlərinin dolmasına kömək eləyirdik. Körpələriylə gəlib işləməkdən başqa çarələri olmayan gənc anaların xatirəsi yaddaşımda eləcə qalıb. Körpələri sakit dursun, yatsın deyə, onlara kiçik dozada nəşə verirdilər. Bir gün körpələrdən biri zəhərlənmişdi, biz də qorxudan qıc olmuş gənc ananın körpəsini həyata qaytarmaq üçün başına su töküb, yanaqlarına vurmasına baxa-baxa qalmışdıq.
Kommunistlərin Gilana müvəqqəti sahib olmalarının imkan verdiyi sürgün və qorxudan burda da danışılırdı. Amma bir neçə ağanın torpaqların xeyli hissəsini əlində saxladığı və insanların çoxunun muzdlu qol güclərindən başqa bir şeylərinin olmadığı ogünkü sistemdə yoxsul kəndlilərin yaşamasının mümkünsüzlüyü də aydınıydı. Torpaq islahatının keçirilməsi qaçılmazıydı, gənc Şahın da bu islahata tərəfdar olduğu söylənirdi. Elə taxta çıxmağından sonrakı ilk bir neçə ayda özü sahib olduğu torpaqların böyük hissəsini hökumətə verib onun kəndlilərə paylanmasını istəmişdi, bu barədəki qərarının ilk əlamətlərini də göstərmişdi. İslahatı bəzi adamlar narahatlıqla, başqaları da səbirsizliklə gözləyirdilər. Toyumuzdan az müddət sonra Şahın verəcəyi ən əhəmiyyətli qərarlardan birinin də torpaq islahatı olacağı o zamanlar ağlımın yanından da keçməzdi, əlbəttə!..
On bir-on iki yaşındaydım, ölkəmin Tehran və tehranlılardan ibarət olmadığını anlamağa başlayır, özümdən əvvəlki nəsillər kimi, mən də iranlı olmağı öyrənirdim. Bu aidiyyət duyğusunu məktəbli gənclər şairlərimizdən ən böyüyü olan Firdovsinin «Şahnamə»sinin («Şahların kitabı») gözqamaşdırıcı şeirlərində tapırlar. Biz uşaqlar üçün o, İran şəxsiyyətini və iranlı olmağın qürurunu təmsil eləyirdi. Mən də Firdovsini məktəbdə tanıyıb sevmiş, Rzayla onun kitabını oxumuşduq. «Şahnamə» islamiyyətdən qabaqkı dörd xanədanın, yəni İran qurucularının dastanıdı. 995-ci ildə bu şedevri yazan Firdovsi əsərində əfsanəvi qəhrəmanlarımızın igidliklərini, faciələrini, rəhbərlərin tarixini min ildən bəri heç əskilməyən bir dillə danışır.
Firdovsi bu ana əsəri çox çətinliklə əldə elədiyini və içində bir çox gözəl hekayə olan, qədim zamanlardan qalma kitabdan təkan alıb yazmağı bacardığını deyir:
«Bu kitabı əldə eləmək istəməyimin səbəbi içindəki hekayələri şeirə çevirmək arzumdu. Bir çox adamdan onu bilib-bilmədiklərini soruşdum. Vaxt keçdikcə, bu əsəri başqalarının axtaracağı qədər uzun yaşamayacağımın qorxusundan ürəyim sıxılırdı. Bir müddət beləcə kitabı axtarmağa sərf olundu. Məqsədimi gizli saxlayır, kimsəyə söyləmirdim. Şəhərdə sadiq bir dostum vardı: güman ki, mənimlə eyni xəmirdən düzəldilib. Ona sirrimi açanda, mənə bunları söylədi: «Bu gözəl fikirdi, axırda məqsədinə çatacaqsan, bu vaxtacan əbəs yerə axtarmayıbsan, həmin qədim kitabı sənə mən gətirəcəyəm. Gözlə! Səndə şeir duyumu var, gözəl söz söyləyirsən, gəncsən, qədimlərin dilini də bilirsən. «Şahnamə»ni yaz və onun köməyilə böyüklərin yanında şanlı yerini tut». Sonra kitabı mənə gətirdi, içimdəki kədər xoşbəxtliyə çevrildi».
Məktəbdə yoldaşlarımla, evdə də Rzayla «Şahnamə»ni oxuyanda, eyni coşqunu yaşayırdıq. Onun əsərində döyüş səhnələrindən sonra birdən-birə heç bir uşağın laqeyd qalmayacağı və bu öyüdün fövqəladə təsir göstərdiyi sevgi fışqırır sətirlərdən:
«Sənə bir həyat bağışlanıb; sən başqalarının canını almağı necə fikirləşə bilərsən?»
«Bir buğda dənəsini sürütləyən qarışqanı belə, incitmə, çünki onun da həyatı var; qarışqa üçün belə həyat çox dəyərlidi».
Cəsarət və gücün əxlaqla yarışdığı bu dastanvari şeirlərlə «Şahnamə» gənc iranlılara minillik şəxsiyyətlərinə hörmət eləməyi öyrədir. Onun məqsədlərindən biri budu və əsrlərdən bəri davam elədiyi kimi, uşaqlığımın İranında da gəzərgi ozanlar o kənddən bu kəndə gedib, Firdovsinin şeirlərini söyləyər, ya da mahnıyla oxuyardılar. «Şahnamə»nin bir başqa hədəfi də zatıqırıq hökmdarların siyasi və əxlaqi təhsilinə kömək eləməkdi. «Şahların kitabını bitirəndə, onu şahlara ver», yazır Firdovsi. Çünki ona görə, İranın böyüklüyü hökmdarlığın davamlılığına və ya hökmdarlıq dağılar, ya da çökərsə, onun yenidən doğuluşuna çox möhkəm bağlıdı.
Mən yeni ərə gedəndə, Tehran Universitetində professor olan Cozef Santa Kroka «İranın taleyilə «Şahnamə» arasında çox sıx əlaqə var» dedirdən də eyni şey olmalıdı. Krokun belə bir yozumu da var:
«Yüzillər boyu yeni xanədanların ortaya çıxdığı görünür. Bu xanədanlar ölkəyə yenidən müstəqillik qazandırırlar, dilini gücləndirirlər, mənəviyyatı zənginləşdirirlər. Bu davamlı yenidəndoğulmaların qaynağının Firdovsinin əsəri olduğunu nə şübhə ediləcək şeydi, nə də boş iddiadı. Bu əsər İran tarixinin böyük imperatorlarını istiqamətləndirdiyindən onların ilham qaynağı olduğuna heç bir şübhə yoxdu».
50-ci illərin iranlıları üçün Qacar xanədanından sonra başa keçən Pəhləvi xanədanı Firdovsinin kitabındakı öncəgörmə məntiqinə uyğun gəlir. Başqa necə ola bilərdi ki? Məclisin qərarı nəticəsində Rza şah Pəhləvi tac qoyduğu zaman İran sanki ortaçağı yaşayan başsız bir ölkəydi. Qacarların sonuncusu Əhməd şahın hökmdarlığının sınırları Tehranın o biri tərəfinə keçmirdi. Ölkə qəbilə başçılarının və böyük torpaq sahiblərinin əlindəydi. Hər yerdə mövcud olan qanun – «gücü yetən-yetənə»ydi. Milli müəssisələr də, məlum yeraltı qaynaqlar yadlara verilmişdi: ingilislər neftimizi çəkib aparırdılar; ordu deyilən bir şey qalmamışdı, amma qalan qüvvələr quzeydə rus, qüneydə ingilis zabitlərinə bağlıydılar; belçikalılar gömrüyümüzü, isveçlilər jandarmamızı idarə eləyirdilər. İran dünyadakı ən böyük səfaləti yaşayan ölkələrdən biriydi, orta yaş həddi otuz ilə düşmüşdü, uşaq ölümü faizi bölgəmizdəki ən yüksək faizlərdən biriydi. Oxuma-yazma səviyyəsi yüzdə birə çatmırdı; qadınların heç bir hüququ tanınmırdı, məktəbə belə getmirdilər. Qısası, Hindistan və Osmanlı imperatorluğu kimi böyük qonşularının əksinə, nə doğru-dürüst şose yolu varıydı, nə dəmir yolu, nə elektrik, nə də su…
İyirmi beş il sonra mənim böyüdüyüm İran isə artıq məktəblərə, universitetlərə malikiydi; hamısı asfalt olmasa da, yollar çəkilmişdi, ən azı, əlaqə təmin edilmişdi və nəhayət, İran dəmir yolları Xəzər dənizini Bəsrə körfəzinə bağlayırdı. Heç şübhəsiz, görülməsi lazım gələn bir çox şey varıydı, amma keçilən məsafəyə baxılanda, valideynlərimin qənaətinə görə, Mustafa Kamal Atatürk Türkiyədə nə eləmişdisə, Rza şah da ölkəsində eyni uğur qazanmışdı; bir damcı qan tökmədən sənaye və mədəniyyət inqilabı gerçəkləşmişdi. Onu minnətdarlıqla xatırlamamaq mümkünüydümü? Firdovsidən «ziyalı hökmdar»a hörmət və sevgini öyrənən biz uşaqların bu gənc Pəhləvi xanədanında şairin xəbər verdiyi yenidən dirilməni görməmək mümkünüydümü?
Firdovsidən səhifələr dolusu şeirləri əzbərlədiyimiz kimi, başqa şairləri də oxuyurduq. Şeirə duyduğumuz bu hörmət qədimlərə bağlıdı. Bu səbəbdən, nəsr yazanlarımızın sayı o qədər də çox deyil və məktəbdə öyrəndiyimiz milli mədəniyyət zənginliyimizi başlığı olaraq, klassik şairlər təşkil eləyir. Onları burada xatırlamağımın səbəbi şeirə olan bu bağlılığımın yalnız məktəbdə yox, evdə də gündəlik həyatımı doldurmasıdı. Anam, dayım, bibim və Rzayla ən sevdiyimiz oyun oxunan misranın son hərfiylə başlanan yeni misra tapıb şeir oxumağıydı. Kim misranı tapmaz, ya da artıq fikirləşərdisə, oyundan kənar edilir, beləcə, çevrə kiçilə-kiçilə davam eləyərdi. Başlıca olaraq, yaddaşı ən güclü, mədəni səviyyəsi ən yüksək olan oyunu udurdu.
Hafizi sevməyi mənə öyrədən anam və Qütbi dayımıydı. Şahbanu olduğum zaman Şirazda onun qəbrini ziyarət eləmiş, axşam sərin külək əsəndə, həyat və xoşbəxtlik mövzusunda düşüncələrə dalmışdım. Hafiz də qəbrinin üstünə gələn səyyahları buna dəvət eləyir:
«Mənim torpağımda şərab və sazla otur, taki qoxunu duyaraq mən də qalxıb rəqslə sənə qoşulana qədər…»
Mənə görə, şairlərimizin ən insanpərvər, ən comərd, ən seçilmişidi Hafiz. İnsan qarmaqarışıq ruhi vəziyyətdə olanda nə qərar verəcəyini, hara gedəcəyini bilmirsə, əsərini gözüyumulu açıb cavabı mütləq onun misralarında tapır. «Qeybdən gələn səs» kimi tanınan şair həqiqəti sirli şəkildə sizə pıçıldayır. Hafiz həyatın üstün gəldiyi anlarda sizə yoldaşlıq eləyib, ağrının öhdəsindən gələ, ya da bəxtin qabağında dura bilməyəndə, ona boyun əyməmək üçün qüvvə verir. Bu sətirləri yazan da odur:
«Məqsədinə çatmaq üçün səhranı keçməyin gərəkdisə, illərlə yoluna davam elə, tikanların açdığı yaralara fikir vermə».
Anam təpədən-dırnağa qədər şeirlə dolu həyat yaşayırdı. Hər hadisəylə bağlı xatırladığı bir şeir olurdu mütləq, üzü qəfildən işıqlanır, şeiri əzbərdən deyirdi. Mən də ona başqa şeirlə cavab verəndə, çox sevinirdim. Bu oyundan daha artıq şeyiydi. Yer üzündə gəlib-gedəri olmağımızı qəbul eləməyin və təvazökarlıqla düşünənlərin biliyinə sığınmağın bir başqa yoluydu şeir. Mən yenə şirazlı olan Sədini, Mövlana Cəlaləddin Rumini, Ömər Xəyyamı və çağdaş şairlərimizdən Foruq Fərruxzadı, Firudin Məclisini, Söhrab Sepehrini və bir çox başqalarını sevirəm.
Zamanla evdəki kədərli hava bir az dağılmışdı, atamın itkisinin ağrısını hamımız ürəyimizdə dəfn eləmişdik. Dayılar, bibilər uşaqlarla yanaşı həyat keçirirdik. Artıq məktəb yoldaşlarımı da evə gətirirdim, beləcə, Rzayla keçirdiyimiz ayrılmaz ikili həyatımız və ailə dairəsi genişlənirdi. Bir çox dostum varıydı, əsasən, uşaqlarla yaxşı dil tapırdım, ətrafımdakı böyüklərin şəfqət daşan münasibətlərinin hədəfiydim. Niyə hamı mənə bu qədər mehribanlıq göstərirdi? Başqalarından nə gözəl, nə də sevimli sayırdım özümü. Sonra düşündüm ki, başqalarının üstümdə titrəmələrinin səbəbi nə gözəl gözlərimin xətriydi, nə insani cazibədarlığımıydı. Yeganə səbəb atam öldüyü üçün mənə acımaları ola bilərdi.
Bu vəziyyət aylar boyunca məni narahat elədi. Həmin sevgi əlamətlərini qəbul eləmək meyliylə, qulağıma çox xoş gələn o sevgi sözlərinin səmimi olmadığını pıçıldayan daxili səsimə inanmağım arasında vurnuxa-vurnuxa qaldım. Bu narahatlığım sonralar keçib-getdi. Amma həmin çağdan qalma bir şəkkaklığım varıydı; mənə atılan böhtanları araşdırıram. Bu səbəbdən, Şahbanu olanda, ikiüzlülərdən, saraydakı yaltaqlardan çox ehtiyatlı olmuşam. Ara-sıra onların oyununa düşdüyüm oldusa, mənə söylədiklərinə nadir hallarda diqqət vermişəm. Beləcə, ayaqlarımın yerdən üzülməməsinə nail olduğumu güman eləyirəm. Qənaətimcə, tərifləmələr, ürəkdən gəlməyən davranışlar insan zəkasına həqarət mənasını verir, insanı aldatmaqdan fərqi yoxdu. Həmsöhbətlərimi incitməmək üçün onların üzünə heç şeyi vurmuram, amma bu vəziyyət məni dərindən yaralayır.
Min illərdi, elə eyni tarixlərdə keçirdiyimiz, həyatın hər şeyə baxmayaraq, davam eləməsinin lazım gəldiyini, bölüşdürüləcək ortaq xoşbəxtliklər olduğunu göstərən milli bayramlarımız var. Bu bayramların ən başlıcası yazın birinci günü olan 21 marta düşən Novruz (hərfi mənası «yeni gün») hamının ən çox hazırlaşdığı bayramdı. Onun gəlişi ailədəki əhval-ruhiyyəni canlandırırdı, çünki uşaq olanda, Novruzu hamımız birlikdə böyük evdə keçirər, bir-birimizə növbənöv şirniyyatlar, noğullar, meyvələr verərdik.
Bu həmişə belə olmuşdu. Evlərdə bayramdan iki həftə qabaq təpədən-dırnağacan təmizlik işləri başlayardı, çünki Novruz hər şeydən qabaq yeniliyin rəmziydi; incikliklər unudular, təmizlənib-yuyunub yeni paltarlar geyinilər, evlər təmizlənər və yeni il ayrı daxili aləmlə qarşılanardı. Bizim kiçik ailəmizin bu coşquyla hərəkətə başlamasının ilk əlamətləri təmizliklə bağlı işləriydi. Ev nəhayət, tərtəmiz olandan sonra o məşhur şəkər-şirniyyat hazırlıqlarına başlana bilərdi. Bunun üçün kamil aşpaz olan Əmcət xalamın evində toplaşırdıq. Aşağı mərtəbədəki geniş mətbəxə doluşub, aşpaza kömək eləyərdik. Bu hazırlıqların günlərlə davam elədiyi olurdu… Ən axırda bayram günü süfrə hazırlanırdı. Yer üzünün bütün nemətləri Novruz süfrəsində olur: doğuluşun rəmzi yumurtalar, sağlamlıq üçün sarımsaq, eşq üçün kiçik quru yemişlər, gözəllik üçün alma, rifah üçün qızıllar, işıq üçün şamlar və bir güzgü, yenidən doğuluşun rəmzi kimi, qabaqcadan gözəl qabda xüsusi cücərdilmiş buğda, bir kasa suyun içində dünyanın əbədi olduğunu bildirən şamama və nəhayət, bu dünyanın fani olduğunu göstərən ağac yarpağı. Əlbəttə, etiqad edilən dinə görə, müqəddəs kitab da süfrədəki yerini tutur.
Vaxt yetişəndə – yazda, gündüzlə gecə bərabərləşdiyi gün – saatı illərə görə dəyişir – ailəliklə masanın ətrafında toplaşıb qucaqlaşır, bayram təbrik edilir, yeni il üçün diləklər tutulur. Böyüklər uşaqlara əsasən, bayram pulu verir: bəzən xırda pul, bəzən də təptəzə kağız pullar.
Bu ilk gündə bütün ölkə bayram havasına bürünür. Adətlər qabaqca ailənin ən yaşlısını ziyarət eləməyi lazım bilir, sonra digərləri: böyük ana-atalar, əmilər, dayılar, xalalar, bibilər, onların uşaqları; elə ki, İran küçələri rəngarəng geyinmiş, nəşəli, əlləri çiçəklərlə dolu, balet oynayırmış kimi, gedib-gələn, gülən, bir-birinə şirniyyat verən minlərlə insanla dolur və bu şənlik günəş batana qədər davam eləyir.
On üç gün sonra gələn Sizdah yalnız bayırda keçirilməsi lazım gələn gündü, əks təqdirdə uğursuzluq gətirəcəyinə inanırlar. İlin on üçüncü günü elə bil, bütün ölkə piknikə gedir. Varlılar yemək dolu maşınlarıyla şəhər ətrafına çıxır, imkanı daha az olanlarsa, küçələrdə, ya da dərə yamacında, çinarın altında xalılarını sərib samovarlarını qoyur, yazın ilk şəfəqləri altında manqal kömüründə kabab çəkir, yemək bişirirlər. Hər yer nağara, saz, zurna çalan çalğıçılarla dolu olur.
Tehrandan kənarda yemək yeyilməsi üçün bu günlər ən gözəl günlərdi. Hava hələ çox isti deyil. Elburzun hələ qarlı olan təpələrindən şəhərə xəfif, yüngül külək əsir. Yeni ilin uğurlu olması üçün gün çıxmamışdan qabaq cücərmiş buğdanı götürüb axar suya atmaq lazım gəlir. Biz bunu anamla birlikdə eləyirdik.
Ölkəmdən çox uzaqlarda olduğum bu gün belə, mənim buğda cücərtilərimi başqa çaylar götürüb aparır. Bir dəfə Amerikada sürgündə olanda və hara gedəcəyimizi bilməyəndə, axırda dənizdə yaşamağa qərar verdiyimizi xatırlayıram. Amma o zaman çimərlik bağlıydı və mənim mühafizəmə cavabdeh olan adamların tanışı çimərlik gözətçisiydi. Ona Novruz ənənələrimizdən söz açanda – amerikalılar ənənələr barədə son dərəcədə diqqətlidilər – gözətçi bizə buğda cücərtilərimizi dalğalara atmağımıza icazə verdi.
Novruzdan qabaq «Çərşənbə suru» bayram edilir. Bu ilin son çərşənbə axşamına təsadüf eləyir. Son çərşənbə axşamı tonqalın üstündən atılır, beləcə, rəmzi olaraq, içimizdəki bütün pislikləri alova atır və oddan istilik, işıq alırıq. Biz bu Novruz tonqalını Tehranda bağçalarda, kəndlərdə, başqa bir yer yoxuydusa, küçədə qalayardıq. Bəlkə unudula bilər, amma bu gün belə kimliyimizi təşkil eləyən həmin ənənələrdən vaz keçməkdənsə, evimdə rəmzi olaraq şam yandırır və onun üstündən atılıram. Bu kiçik hərəkət mədəniyyətimə olan aidiyyatımı tamamilə üzə çıxarıb, mənə elə bil, sürgün əzablarına dözmək üçün güc verir.
Böyüyürdüm, yavaş-yavaş vasvası anamın nəzarəti altında uşaqlıqdan çıxırdım. Çox kiçikliyimdən etibarən, anamla birlikdə həftədə bir dəfə hamama gedərdik, bu bir növ mərasim kimiydi. Anam bağlamaya təmiz geyimlərimizi qoyandan sonra əl-ələ verib hamamın yolunu tutardıq. Kiçik qız olanda, hamam məni bir az hürküdürdü, çünki çimizdirən qadın qaçmayım deyə, məni qıçlarının arasına alardı, isti su dərimi yandırar, sabun gözlərimi acışdırardı. Hamamçının adı Tubaydı. Məni sakitləşdirmək üçün Tubanın mahnı oxuduğunu xatırlayıram: «Səni elə adi adama verməyəcəyik. Şah belə, ordusunu götürüb, vəziriylə səni istəməyə gəlsə, bəlkə verərik, bəlkə də vermərik».
İllər keçdikcə, hamamı və oradakı mərasimə oxşar mühiti sevməyi öyrəndim. Hər kəs öz bağlamasını hazırlayardı. Oturmaq üçün gümüş suyuna çəkilmiş girdə məcməyi və üstündə dualar qazılmış mis tas da aparmaq lazım gəlirdi. Yuyunma hissəsi qurtaranda, duaların bizi qoruyacağına inana-inana bu tasla başımızdan su tökürdük. Təmizlik qayğısıyla heç bir zaman hamamın həsir döşəkçələrinin üstündə oturmazdıq; qızlara döşəkçənin üstündə oturduqları təqdirdə hamilə ola biləcəkləri deyilirdi. Bu sadəlövhcəsinə fikrin məni necə dəhşətə saldığını hələ xatırlayıram. Artıq Tubanın belimi qıl kisəsiylə kisələməsindən xoşlanırdım, olduqca uzun sürən bu kisələmə hissəsi dərimi təzələyir, mən də bundan ləzzət alırdım. Bizdə hamamın başqa bir funksiyası da var; analar arada evlənmə çağındakı oğullarına göstərmək, bəlkə də evləndirmək üçün qız bəyənirdilər.
Bir gün azərbaycanlı bir qadın onun dilini başa düşmədiyimi güman eləyib, mənim nə qədər zəif olduğumu söyləmişdi: «Boy, nə gözəl qızdı» – yəni, türkcə «bu qız gözəldi» demişdi: gənclik çağımın astanasında eşitdiyim bu tərif məni utandırdığı qədər sevindirmişdi.
III
Yeniyetməliyə ilk addımlarımı on yaşında getdiyim Tehrandakı Janna d’Ark məktəbində atdım. Anam da təhsilini orda almışdı. Məndən ötrü də həmin məktəbi seçdiyinə görə, ona minnətdaram. Həyatın bu dönüş nöqtəsində şəxsiyyətimi ən çox inkişaf etdirdiyim illərimi məktəbdə keçirdim. Bunu da qismən, təşəbbüsləriylə məktəbi heyrətləndirən gənc rahibə Kleri tanımağıma borcluyam. Rahibə Kler basketbol komandası yaratmışdı. Əvvəlcədən çəkingən uşağıydım, bu basketbol komandası iki-üç ildə məni özümə güvənən, zahirən dəyişən gənc qız elədi.
Janna d’Ark məktəbinə gələr-gəlməz həmin komandaya daxil oldum və həyatsevər fransız rahibəylə tanışlıq qurdum. Bu da onun mənim barəmdə söylədikləri:
«Komandaya yalnız orta iri və son sinif şagirdlərini qəbul eləməyə qərar vermişdim. Uşaqlar çox kiçik olanda, hər şeyə həvəs göstərib, başladıqları heç bir şeyi axıra çatdırmırlar. Fərəh hələ orta məktəbin ilk sinfindəydi, amma bilmirəm, nədəndi, onu görər-görməz sevdim. Aramızda xüsusi münasibət yarandığını hiss eləmişdim. Xasiyyətimiz oxşarıydı, yalnız o, bir az da ağır təbiətli görünürdü. Heç bir qüsuru olmayan, tərtəmiz, çox səmimi baxışları olan balaca qızıydı. Ağ önlüyünü kənarları qırmızı ağ yaxalıq tamamlayırdı. Özündən əmin görünsə də, səbəbini bilmədiyim çəkingəkliyi varıydı, adamla ara saxlayırdı. Amma çox nəşəli, yanındakıları elə hey güldürən uşağıydı. Qəti maskalanmazdı. Rahibələrin qaldığı binada saxladığım topu gedib ancaq o gətirərdi. Çox kiçik yaşında atasının itirməsinə baxmayaraq, xoşbəxt, qayğısız uşağıydı. Güman ki, fəal və güclü şəxsiyyətimə görə, o da digər rahibələrdən çox məni sevirdi».
Bir il sonra basketbol komandasının kapitanı seçildim. Bu da güman ki, idman qabiliyyətimə görə yox, eyni zamanda yumşaq təbiətli olduğumdanıydı. Olduqca sadə və təbii idim, nazlanmağı sevməz, dedi-qoduları dinləməzdim. Əgər bir adam mənə acıqlanardısa, heç dindirməz, özü gəlib məni danışdırmasa, onu yaxın qoymazdım. Bir müddət sonra Janna d’Ark məktəbi basketbolçularının rəhbəri kimi, qızlara örnək olduğumu, məni qəhrəman hesab elədiklərini sezdim. Başqa məktəblərdəki qızlarla yarış keçirəndə, həmişə udan biz olurduq, bir müddət sonra hamının qazanmağa can atdığı «Tehran çempionu» adını da biz aldıq. Qəzetlər komandamızın şəklini çap eləmişdi, tez-tez uşaqların məni ata-analarına barmaqla göstərdiklərini görürdüm. «Ana, bax, Fərəh budu!»
Rahibə Klerin coşqunluğu bizə güc verirdi. Rəqabət duyğusunun köməyilə başqa sahələrdə də çalışmağa başladım, uzununa tullanma, hündürlüyə tullanma və qaçışla məşğul oldum. 1954-cü ildə İran Qızlar Atletika Çempionatında hündürlüyə tullanma və qaçış növlərində birinci olmuş, o dövrdə İranda idmana məsul olan general İzzət Pənahın təqdimiylə Şahın adından İran bayrağıyla birgə iki medal almışdım. Medallar hələ gözümün qabağındadı, hər ikisinin üzərində Şahın və Şahbanu Sürəyyanın rəsmləri varıydı.
Məktəbə də hər gün həvəslə gedirdim, çoxlu yoldaşım varıydı, müəllimlərimin çoxunu sevirdim, elə güman eləyirəm, onlar da məndən razıydılar. Janna d’Ark məktəbinin ən aşkar özünəməxsusluğu olan ciddiyyət və şagirdlər arasındakı yoldaşlıq duyğularını bəyənirdim.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386201) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.