Canlı əhvalatlar
Cek Kenfild
Bu kitabı birnəfəsə, bir oturuma da oxuyub başa çıxmaq olar, amma onu ləzzət ala-ala, tələsmədən çeynəyib udmaq da mümkündür. Çalışın ki, onu birdəfəyə, biruduma udmayasınız. Çünki burda nəql olunan hər bir əhvalatın arxasında insan taleyi durur. Deməli, hər əhvalat – bir kəşfdir!
Kitabda toplanmış əhvalatlar ürəkdən-ürəyə yol tapır, adamın qəlbini isidir, çətin məqamlarda insana həyan olur, ona güc verir. Və həm də, ola bilsin, bu əhvalatların sayəsində siz öz həyatınıza yeni gözlə baxacaqsınız.
Cek Kenfild, Mark Viktor Hansen
Canlı əhvalatlar (seçmə hekayələr)
ƏSL SEVGİ
Məşhur bəstəkarın babası Mozes Mendelsonun xüsusi gözəlliyi yox idi. Boyu balacaydı, üstəlik qozbel idi. Bir dəfə hamburqlu tacirin evində onun gözəl qızı Frumtyeni görür və ilk baxışdan ona vurulur. Qız isə belə bir eybəcərə baxmaq istəmirdi.
Getməmişdən əvvəl Mozes cəsarətini toplayıb qızın otağına qalxır, onunla sonuncu dəfə danışmaq istəyir. Qız lap mələk kimi idi, amma ona bircə dəfə də baxmamağı Mozesin qəlbini yaralayırdı. O, bir müddət söhbətə başlaya bilmədi, nəhayət soruşdu:
– Nikahların göydə kəsildiyinə inanırsan?
– İnanıram, – qız yerə baxaraq dedi. – Bəs sən?
– Mən də. Bilirsən, hər dəfə dünyaya oğlan gələndə Tanrı onun kiminlə evlənəcəyinə qərar verir. Mən doğulanda da o, gələcək nişanlımı göstərib deyib: “Sənin arvadın qozbel olacaq”. Onda mən qışqırdım: “Tanrım, rəhm elə! Qozbel qadın üçün dünyada yaşamaq çox çətindir! Məni qozbel et, qoy arvadım gözəl olsun!”
Frumtye onun gözlərinə baxdı, qəlbini nə isə bir xatirə titrətdi. O, əlini Mendelsona uzatdı, onun sadiq və sevimli həyat yoldaşı oldu.
Barri və Coys Vissel
BİR-BİR
Bir dəfə bir dostumuz adamsız Meksika sahillərində qürub çağı gəzişirmiş, birdən uzaqda bir nəfəri sezir. Ona yaxınlaşıb görür ki, yerli sakin əyilib, qum üzərində nə isə toplayır və suya atır. Məlum olur ki, meksikalı, dalğanın sahilə gətirdiyi dəniz ulduzlarını toplayır və okeana qaytarır.
Dostumuz maraqdan həmin şəxsə yaxınlaşıb soruşur:
– Salam, dostum. Nə edirsən?
– Baxın, ulduzları suya tullayıram, yoxsa qumda boğularlar. Görürsünüz nə qədərdirlər? Dəniz suyunun çəkilməsinə görədir.
– Görürəm, – dostumuz cavab verir. – Sahil böyükdür, yəqin sayları minlərlədir. Onların hamısını çətin xilas edə biləsiniz. Görün bütün sahildə nə qədərdirlər. Tutaq ki, onlarla ulduzu xilas etdiniz, nə faydası var?
Meksikalı gülümsəyir, qumdan daha bir ulduzu götürüb okeana atır:
– Bax buna görə faydası var.
Cek Kenfild və Mark Hansen
QARDAŞ BELƏ OLAR
Pol adlı dostuma qardaşı Milad bayramına avtomobil hədiyyə edir. Milad axşamında Pol işdən çıxır və görür ki, bir dilənçi uşaq parıldayan maşına maraqla baxır.
– Cənab, sizin maşınınızdır?
Pol başını tərpədir.
– Qardaşım Milad hədiyyəsi edib.
Oğlanın heyrətdən ağzı açılır.
– Qardaşınız bağışlayıb? Yəni sizə havayı başa gəlib? Belə də olur.., mən də…
Pol düşünür ki, indi bu sözləri eşidəcək: “Mənim də belə qardaşım olsaydı”, amma oğlan deyir:
– Mən də belə bir qardaş ola bilsəydim.
İndi də Polun ağzı heyrətdən açıq qalır.
– Gəzmək istəyirsən? – qəfildən oğlana təklif edir.
– Əlbəttə! – Balaca dilənçinin gözləri parıldayır. – Cənab, evimizin yanından keçə bilərikmi?
Pol qımışır, yeni tanışının fikirlərini oxuduğuna qərar verir: yəqin qonşularının qabağında lovğalanmaq istəyir. Amma yenə də səhv edibmiş.
– Zəhmət olmasa bu artırmanın qabağında saxlayın, – oğlan maşından çıxıb pilləkənlərlə qaçır.
Az keçmiş qucağında əlil qardaşı geri dönür.
– Bobbi, bax, gör nə gözəl maşındır. Bu şəxsə maşını qardaşı Milad hədiyyəsi edib. Nə vaxtsa mən də sənə belə hədiyyə edəcəyəm. Maşınla gedib Milad vitrinlərinə baxarsan.
Pol maşından çıxır, oğlana qardaşını ön oturacaqda oturtmaqda kömək edir və üçlükdə şəhəri gəzib bayram bəzəklərinə tamaşa edirlər.
Həmin Milad axşamı Polun yadında ömürlük qalır, o, indi İsa peyğəmbərin bu sözlərini dərk edir: “Nəyisə qəbul etməkdənsə, vermək daha müqəddəsdir” (Müqəddəs apostolların əməlləri 20:35).
Den Klark
SADƏ JEST
Hər kəs dahi ola bilər… çünki hamı xidmət göstərə bilir. Bunun üçün elmi dərəcəsi olmaq, mübtədanı xəbərlə uzlaşdırmağı bacarmaq vacib deyil. Bunun üçün ancaq rəhmli, səmimi və sevən ürəyə sahib olmaq lazımdır.
Martin Lüter Kinq Jr.
Mark məktəbdən evə gedirdi, birdən qarşıda gedən oğlanın büdrəyib yıxıldığını gördü. Oğlanın çantasından bir neçə kitab, iki cemper, beysbol ağacı, əlcək və əl maqnitofonu düşdü. Mark çöməlib oğlana əşyalarını yığmaqda kömək etdi.
Onların yolu eyni idi və Mark onun yükünün bir hissəsini götürdü. Yolda öyrəndi ki, oğlanın adı Billdir, videooyunları, beysbolu, tarixi sevir, – qalan fənləri çətinliklə öyrənir, – həm də elə təzəcə qız rəfiqəsi ilə dalaşıb.
Söhbətləşərək onlar Billin evinə çatdılar, o, Markı Coca-Cola içməyə və televizora baxmağa dəvət etdi.
Bu hadisədən sonra onlar məktəbdə görüşüb hətta bir neçə dəfə birlikdə nahar da etdilər. Yuxarı siniflərdə də hərdənbir münasibət saxladılar. Məktəbi bitirməsinə üç həftə qalmış Bill Markı bir tərəfə çəkib bir neçə il əvvəl ilk görüşlərini xatırlatdı:
– Təəccüblənmədin ki, əlimdə niyə o qədər şey-şüy var? Onların hamısını şkafımdan çıxarmışdım ki, o biri şagirdə təmiz qalsın. Evdə anamın yuxu həblərini gizlətmişdim ki, həmin axşam içim. Səninlə rastlaşıb danışanda, güləndə qərar verdim: yox, lazım deyil, əgər ikilikdə bizə belə yaxşı və şən oluruqsa, niyə gələcəkdə özümü bu zövqdən məhrum edim? Görürsən, Mark, həmin gün sən təkcə mənim dərsliklərimi deyil, həyatımı da xilas etdin.
Con U. Şlatter
KÜÇÜK SATIRIQ
Mağaza sahibi qapının üstündə elan asır: “Küçük satırıq”. Uşaqlar belə elanlara lap arı bala yığışan kimi yığılırlar. Heç beş dəqiqə keçməmiş bir oğlan qapıdan girdi.
– Küçükləri neçəyə satırsınız?
– Otuz dolardan əlli dollara qədər.
Oğlan əlini cibinə saldı, bir ovuc sikkə çıxarıb saymağa başladı.
– Mənim cəmi iki dollar otuz yeddi sentim var. Onlara baxmaq olar?
Mağaza sahibi gülümsündü, fit çaldı və dərhal da it damından Ledi adlı yekə it, ardınca da beş yumşaq tüklü küçük çıxdı. Biri geri qaldı – ayağını sürüyürdü.
– Bu niyə axsayır ki? – oğlan soruşdu.
Mağaza sahibi izah etdi ki, bu küçükdə anadangəlmə qüsur var: ömrü boyu axsaq olacaq.
– Bunu almaq istəyirəm! – oğlan qətiyyətlə dilləndi.
– Yox, – kişi dedi, – əgər onu götürməyə qərar verdinsə, onu sənə bağışlayıram.
– Lazım deyil, – oğlan başını yellədi. – Başqalarından nəyi pisdir ki? İndi sizə iki dollar otuz yeddi sent verirəm, hər ay da əlli sent ödəyəcəyəm.
– Pulunu niyə boşuna xərcləyirsən ki? – kişi təəccübləndi. – Axı bu küçük heç vaxt başqa itlər kimi səninlə oynaya, qaça, tullana bilməyəcək.
Oğlan əyildi, şalvarının balağını qatladı və ortopedik karkas qoyulmuş sınıq ayağını göstərdi.
– Görürsünüz, – dedi, – elə mən özüm də yaxşı qaça bilmirəm, bu küçüyə də onu başa düşəcək sahib lazımdır.
Den Klark
ANCAQ HƏQİQƏT, BAŞQA HEÇ NƏ!
“Dallas Morning News” qəzetindən Devid Kasstevens 40-cı illərdə “Notr-Dam” universitet komandasının mərkəz hücumçusu olmuş Frenk Şimanskinin hekayətini yazır. Bir dəfə Frenki mülki proseslərdən birinə şahid kimi çağırırlar.
Hakim soruşur:
– Siz bu mövsümdə “Notr-Dam” futbol komandasında oynayırsınız?
– Bəli, hörmətli hakim.
– Hansı sifətdə?
– Hücumçu, hörmətli hakim.
– Öz oyununuzu necə dəyərləndirirsiniz?
Şimanski qurcalanır, amma əminliklə bildirir:
– Mən bu vaxtacan “Notr-Dam”da oynamış hücumçulardan ən yaxşısıyam, hörmətli hakim.
“Notr-Dam”ın məşqçisi Frenk Lixi zalda imiş və xeyli təəccüblənir: Şimanski əvvəllər heç vaxt dahilik xəstəliyindən əziyyət çəkməyibmiş.
İclasdan sonra o, Lixidən soruşur ki, niyə birdən-birə belə lovğalanıb. Şimanski pörtür və mızıldanır:
– Mən özümü dəhşət pis hiss edirdim, məşqçi, axı and içmişdim.
“Dallas Morning News”
DİQQƏTLİ OLUN, UŞAQLAR, MƏN SİZİN SEVİMLİ DJ-İNİZƏM!
Özünün ulduz saatını gözləyə-gözləyə qalmaq, ona hazır olmamaqdan daha yaxşıdır.
Uitni Yanq[1 - Yanq, Uitni (1921-1971) – vətəndaş bərabərliyi üçün afroamerikalı mübariz]
Les və əkiz qardaşı Mayaminin kasıb məhəlləsində doğulandan az sonra Mama Braun adlı bir aşpaz və qabyuyan onları övladlığa götürdü. Les həddən artıq hərəkətli, idarəolunmaz uşaq idi, onu uşaqlar üçün xüsusi məktəbə verdilər. Məktəbi bitirəndən sonra Mayami-Biçdə dalandar işləməyə başladı, amma bir arzusu vardı – radio aparıcısı – DJ olmaq.
Gecələr yatağına tranzistorlu radioqəbuledici qoyur, səhərəcən yerli DJ-lərə qulaq asırdı. Xəyalında özünü şəxsi radiostansiyada təsəvvür edir, cırıq linoleumlu otağını belə unudurdu. Yumru saç darağı onun mikrofonu idi, xəyalındakı dinləyicilərə mahnıların adlarını elan edirdi.
Anası və qardaşı onun donqultusunu taxta arakəsmələrdən eşidir və qışqırırdılar ki, səsini kəssin – onlara yatmağa mane olurdu. Amma Les eşitmirdi, başqa, möcüzəli dünyada – öz aləmində idi.
Bir dəfə nahar fasiləsində Les otçalanı söndürdü və cəsarətini toplayıb yerli radiostansiyaya getdi. Müdiri tapıb ona bildirdi ki, DJ olmaq istəyir.
Müdir şübhəylə kombinezonda, həsir şlyapalı səliqəsiz görkəmli oğlana baxdı və zorla dilləndi:
– Radioda iş təcrübən var?
– Xeyr, ser, yoxdur.
– Onda, bağışla, bizdə sənin üçün yer olmaz.
Les ona nəzakətlə təşəkkür edib getdi. Müdir ümid etdi ki, bir daha bu oğlanı görməyəcək. Amma belə olmadı. O, Lesin arzusunun gücünü qiymətləndirə bilməmişdi. Onun arzusu ancaq DJ yeri ilə məhdudlaşmırdı. Bütün qəlbi ilə sevdiyi ögey anası üçün böyük ev almaq istəyirdi. DJ ancaq müqəddəs məqsədə giriş pilləsidir.
Mama Braun hələ uşaqlıqdan ona öyrətmişdi ki, düşündüyü hər bir şeyə nail olsun, ona görə də müdirin rədd cavabı onu ruhdan salmadı.
Radiostansiyaya hər gün gəlib soruşurdu ki, vakansiya varmı. Nəhayət müdir cana doyub onu simvolik maaşla kuryer işinə götürdü. Əvvəlcə Les studiyadan çıxa bilməyən DJ-lərə kofe və nahar daşıyırdı. Tədricən ona inanıb daha mühüm tapşırıqlar verdilər – məsələn, studiyaya “Temptations” yaxud Diana Ross-u öz “Supremes”-lə gətirməyi. Onlardan heç biri bilmirdi ki, Les Braun-un hətta sürücülük vəsiqəsi belə yoxdur.
Les istənilən işdən yapışır və onu həvəslə yerinə yetirirdi. Eyni zamanda DJ-lərin əllərinin pultda necə hərəkət etməsini, hansı düymələri basmasını müşahidə edirdi. Yeni tapşırıq alanacan boş qalan dəqiqələrini studiyada keçirirdi. Hər gecə yatağında gördüklərini təkrar edirdi və özünün ulduz saatını gözləyirdi.
Bir dəfə şənbə günü səhər Les Rok adlı DJ-in pultun arxasında butulka ilə oturduğunu gördü. Studiyada rəhbərlikdən heç kim yox idi. Les anladı ki, Rok həddən artıq içəcək, ona görə də onun kabinəsinin yanında durmuşdu.
Telefon zəng çaldı. Les dərhal dəstəyi götürdü.
– Les, cənab Klyayndır.
– Sabahınız xeyir, ser, sizi tanıdım.
– Qorxuram Rok proqramı bitirə bilməsin.
– Mən də qorxuram, ser.
– DJ-lərdən birini çağır, onu əvəz etsin.
– Oldu, ser.
Les dəstəyi asıb düşündü: nə olub, psix-zadam?
O, DJ-lərə deyil, anasına və qız dostuna zəng etdi:
– Radionun səsini çoxaldın. Tezliklə efirə çıxacağam.
On beş dəqiqə gözləyib müdirə zəng vurdu:
– Cənab Klyayn, heç kimi tapmadım.
– Bəs özün necə, avadanlığı idarə etməyi bacarırsan?
– Bəli, ser.
Les kabinəyə şığıdı, sərxoş Roku kənara çəkib pultun arxasında əyləşdi və mikrofonu yandırdı:
– Ehtiyatlı olun, bu mənəm, El Bi, Les Braun, sənin sevimli DJ-in! Mənəcən burada kimsə olmayıb, bundan sonra da olmayacaq. Mən bircə dənəyəm. Gənc və subay. Hamının baş-beynini aparacağam, hamıya xoş dəqiqələr bəxş edəcəyəm! Ehtiyatlı olun, sizin sevimli DJ-niz gəlir!
Les öz ulduz saatına xeyli hazırlaşıb onu tam hazırlıqlı qarşıladı. O, dərhal dinləyicilərin və müdiriyyətin ürəyini fəth etdi. Həmin taleyüklü şənbə günü onun radio, televiziya, jurnalistika və siyasətdə parlaq karyerası başlandı.
Cek Kenfild
RİSK ETMƏK – RİSK ETMƏMƏKDİR
Yaz günəşindən buğlanan torpaqda iki buğda yanaşı uzanıb.
Biri o birisinə deyir:
– Böyümək istəyirəm! Kökümü torpağa yeritmək, yeri çatlatmaq istəyirəm! Cavan budaqlar açmaq, yazın gəlişini xəbərləmək istəyirəm. Bütün bədənimdə günəşin istiliyini, yarpaqlarda isə – səhər şehinin ətrini duymaq istəyirəm.
Bunu deyib boy atdı.
İkinci buğda cavab verir:
– Mən isə qorxuram. Dərin kök atmaqdan qorxuram, axı orada qaranlıq və qorxuludur. Yer qatını qırmaqdan qorxuram – cavan budaqlarıma axı ziyan vuraram. Yarpaqlamaqdan qorxuram – axı ilbizlər onları yeyəcək. Gül açanda isə istənilən uşaq məni torpaqdan qopara bilər. Yox, yaxşısı budur, mən daha yaxşı zamanları gözləyim.
Bunu deyib gözləməyə hazırlaşdı.
Yaxından toyuq keçirdi, pəncəsi ilə torpağı qurdaladı, qətiyyətsiz buğdanı görən kimi dənlədi.
Əxlaqi nəticə: kim ki risk etməkdən və böyüməkdən qorxursa, onu mütləq dənləyəcəklər.
Patti Hansen
İT ÜÇÜN XİDMƏT
Ölkənin Orta Qərbində məzuniyyətini keçirmək istəyən bir şəxs kiçik bir mehmanxanaya məktub yazır:
“İtimi də özümlə gətirmək istəyirəm. Çox səliqəli və tərbiyəli ev itidir. Onu da mənim otağımda yerləşdirməkdən imtina etmirsiniz?”
Mehmanxana sahibi ona belə bir cavab yazır:
“Neçə ildir mehmanxana işlədirəm. Bir dəfə olmayıb ki, it məndən dəsmal, yataq dəsti, yemək dəsti, yaxud divardan şəkil oğurlasın.
Heç vaxt gecə yarısı mehmanxanadan sərxoş it qovmalı olmamışam. Elə bir hal da olmayıb ki, it hesabı verməmiş mehmanxanadan əkilsin.
Sizin itinizi qarşılamaqdan çox şad olaram, əgər sahibinə zamin durursa, Sizi də özü ilə gətirə bilər”.
Karl Albrext və Ron Zenke
ABRAHAM LİNKOLN TƏSLİM OLMADI
Hər birimizin daxilində bir borc hissi var. Məqsədimizə doğru inadkarlıqla getmək – müqəddəs borcumuzdur. Bu borc mənim vəzifəmə çevrildi.
Abraham Linkoln
Abraham Linkolnun həyatı inadkarlıq və iradənin gücünə böyük nümunə ola bilər. Bu insan heç vaxt çətinliklərə boyun əyməyib.
Linkoln yoxsul ailədə anadan olub, uğursuzluqlar onu bütün həyatı boyu izləyib. Səkkiz seçkini uduzub, iki dəfə biznesdə fiaskoya uğrayıb, bir neçə dəfə əsəb sarsıntısı keçirib.
Uğursuzluq Abrahamı da sındıra bilərdi, amma o, təslim olmadı və nəticədə Birləşmiş Ştatların tarixində ən əfsanəvi prezidentə çevrildi.
Aşağıda Linkoln Ağ Evə gəlməmişdən keçdiyi həyat yolu mərhələlərlə təsvir olunub.
1816. Ailəsi evsiz qalır. Linkoln ailəsinə kömək üçün işləməyə başlayır.
1818. Anası dünyasını dəyişir.
1831. Biznesi məhv olur.
1832. Qanunverici orqana namizədliyini verir, amma keçmir.
1832. İşini itirir, hüquq fakültəsinə girmək istəyir, kəsilir.
1833. Yeni iş qurmaq üçün dostundan borc götürür, amma ilin sonunda müflisləşir və on yeddi il borc qaytarır.
1834. Qanunverici orqana yenidən namizədliyini verir, bu dəfə uğur qazanır.
1835. Nişanlanır, amma nişanlısı ölür. Uzun müddət kədərdən özünə gələ bilmir.
1836. Xəstələnir, yarım il yataqdan qalxa bilmir.
1838. Qanunverici orqanın spikeri seçilir, amma lazım olan səs sayını toplaya bilmir.
1840. Prezident seçkilərində seçki nümayəndəsi kollegiyasına seçilmək üçün namizədliyini verir, amma cəhdi uğursuz alınır.
1843. Konqresə seçilir, amma sonradan keçmir.
1846. Yenidən namizədliyini verir, qalib gəlir, Vaşinqtona köçür və yaxşı iş alır.
1848. Konqresə yenidən seçilir, amma sonrakı mərhələdən keçmir (ABŞ-da seçki prosesi bir neçə mərhələdən ibarətdir – tərc.)
1849. Doğma ştatında torpaq sövdələşmələrini qeydiyyata alan idarədə işləmək istəyir; amma rədd cavabı alır.
1854. ABŞ senatına seçilir, amma sonrakı mərhələdən keçmir.
1856. Respublikaçılar partiyasından vitse-prezident postuna namizədliyini verir, yüz səsdən az toplayır.
1858. Yenidən Senata seçilir, sonrakı mərhələni yenə keçmir.
1860. Amerika Birləşmiş Ştatlarının prezidenti seçilir.
Yol çətin və sürüşkən idi. Birdən bir ayağı yana sürüşür, sanki o birisinə badalaq vurmaq istəyir. Amma hər dəfə ayaq üstə qala bilir və özü özünə deyir: “Büdrədim, amma yıxılmadım” (Abraham Linkoln. Senat seçkilərində uduzandan sonra).
Mənbə bəlli deyil
İKİ RAHİB
İki zəvvar rahib çayda üzən bərə tapırlar. Sahildə qəşəng geyinmiş bir qız dayanıb nə edəcəyini bilmirdi. Çay dərin olduğundan o, gözəl paltarını korlamaq istəmirdi. Rahiblərdən biri çox düşünmədən qızı çiyninə alıb çayı keçirir və onu əks sahildə yerə qoyur.
Rahiblər yollarına davam edirlər. İki saat keçir, ikinci rahib birincini danlamağa başlayır:
– Qadına toxunmağa necə cürət etdin? Onlara yaxınlaşmaq belə andın pozulması deməkdir. Belə böyük bir günahı necə etdin?
Qızı çaydan keçirmiş rahib bir az susub cavab verdi:
– Mən həmin qızı iki saat bundan qabaq çayın sahilinə qoymuşam. Sən niyə onu hələ də daşıyırsan?
İrmqard Şlyoql
(“Dzen müəllimlərinin müdrikliyi”)
FOKUSÇU KOR QIZA GÖRMƏYİ NECƏ ÖYRƏTDİ
Mənim dostum Uit – peşəkar fokusçudur. Haçansa Los-Anceles restoranlarından birində öz məharətini birbaşa zalda nümayiş etdirirdi. Bir dəfə axşamüstü Uit restoranda şam eləyən bir ailənin əyləşdiyi masaya yaxınlaşıb özünü təqdim etdi, bir dəst kart çıxarıb öz təqdimatına başladı. Masa arxasında əyləşən qıza ona kart seçməsini təklif etdi. Qızın atası başa saldı ki, onun qızı Uendi görmür.
– Eybi yoxdur, – Uit cavab verdi. – Əgər qızınız etiraz etmirsə, mən bir fokusu onunla sınaqdan keçirmək istərdim.
– Uendi, sən mənim nömrəmdə iştirakçı olmaq istəyirsən? – deyə Uit qıza müraciət elədi.
– Etiraz etmirəm, – deyə Uendi çiyinlərini çəkib, bir qədər çaşqın halda cavab verdi.
Uit qızla üzbəüz oturub dedi:
– Uendi, mənə qulaq asın. Deməli, mən kart dəstinin içindən qırmızı, ya da qara bir kart çıxaracam. Mən istəyirəm ki, sən öz ekstrasensor qabiliyyətindən istifadə etməklə mənim əlimdə hansı rəngdə kart tutduğumu müəyyən edəsən; deyəsən ki, bu qırmızı kartdır, yoxsa qara kart. Sən məni başa düşdünmü?
Uendi başını tərpətdi.
Uit xaç kral kartını çıxarıb soruşdu:
– Uendi, de görüm bu hansı kartdır – qırmızı, yoxsa qara?
– Qara, – deyə qız bir saniyəlik tərəddüddən sonra cavab verdi. Masa arxasında oturmuş qızın valideynləri gülümsündülər.
– Bəs bu kart necə – qırmızıdır, yoxsa qara? – deyə Uit qırmızı toxmaq yeddiliyi çıxarıb soruşdu.
– Qırmızı, – deyə qız bu dəfə də cavabı doğru tapdı.
Uit üçüncü kartı – kərpic xallı üçlüyü çıxartdı.
– De görüm, bu kart qırmızıdır, yoxsa qara?
– Qırmızı! – Uendi tərəddüdsüz-filansız qəti şəkildə bildirdi.
Qızın qohumları zorla güldülər. Bundan sonra kor qız daha üç dəfə kartların rəngini düzgün tapdı. İnanılmaz idi: altı kartdan altısının da rəngini Uendi düzgün tapmışdı. Yeddinci cəhddə Uit qara toxmaq beşliyi çıxarıb dedi:
– Uendi, indi isə mən istəyirəm ki, sən bu kartın neçəliyini və onun nişanını mənə deyəsən. Mənim əlimdəki bu kart hansı kartdır: qırmızı toxmaq, kərpic xallı, xaç, yoxsa qara toxmaq?
– Qırmızı toxmaq beşlik, – deyə Uendi bir saniyəlik fasilədən sonra əminliklə cavab verdi.
Oyunu seyr edən restorandakı adamlar heyrətlə ah çəkdilər. Doğrudan da inanılmaz idi! Qızın atası soruşdu ki, bu fokusdur, yoxsa xalis magiya?
– Öz sualınızı Uendiyə verin, – deyə Uit gülümsündü.
– Qızım, sən bunu necə edə bildin? – atası təəccübləndi.
– Bu sehrdir! – deyə qız gülümsündü.
Uit qızın doğmalarının əlini sıxıb, Uendini qucaqladı və ona öz vizit kartını verib xudahafizləşdi. Beləliklə, o bu adamlara bir neçə unudulmaz dəqiqə bəxş etdi. Bununla belə, bizim sual hələ ki, açıq qalır: axı, Uendi kartları necə seçə bildi? Çünki Uit həmin vaxtacan Uendini heç zaman görməmişdi, onun qızla qabaqcadan görüşüb kartları hansı ardıcıllıqla çıxaracağını deməsi mümkünsüz idi. Uendinin isə, kor olduğu üçün kartların rəngini özünün seçməsi ağlabatan deyildi. Bəs sirr nədədir?
Qızın gizli kodu və çevik ağlı – Uitin möcüzə göstərməsinə imkan verən budur.
Bir müddət bundan əvvəl Uit sözsüz informasiya mübadiləsi üçün kod işləyib hazırlamışdı. Lakin restorandakı həmin axşama qədər öz kodunu praktikada keçirmək ona heç cür qismət olmurdu. Uit restoranda qızla üzbəüz oturub deyəndə ki: «beləliklə, Uendi, mən dəstin içindən qırmızı, yaxud qara bir kart çıxaracam» – bax, bu vaxt o, «qırmızı» sözünü işlədərkən masanın altında ayağı ilə qızın dabanına bir dəfə, «qara» sözünü işlədərkən isə iki dəfə yüngülcə toxunmuşdu.
Qızın hər şeyi düzgün anladığına əmin olmaq üçün o öz gizli kodunu bir daha bu sözlərlə izah eləmişdi: «Mən istəyirəm ki, sən öz ekstrasensor qabiliyyətindən istifadə etməklə mənim əlimdə hansı rəngdə kart tutduğumu müəyyən edəsən; deyəsən ki, bu qırmızı (bir toxunuş) kartdır, yoxsa qara (iki toxunuş) kart. Sən məni başa düşdün?» Qız başını tərpədəndə, onun kodu anladığı və Uitin oyununu oynamağa hazır olması artıq fokusçuya aydın idi. Qızın valideynləri isə fikirləşmişdilər ki, fokusçu qızdan onun şifahi təlimatlarını başa düşüb-düşmədiyini soruşur.
Bəs o, əlində qırmızı toxmaq beşlik tutmasını Uendiyə necə bildirmişdi?
Bundan asan iş yoxdur. Beşlik kartı çıxartdığını bildirərkən Uit masanın altında qızın ayağına beş dəfə toxunmuşdu. Sonra isə, soruşanda ki, onun əlindəki kartın nişanı necədir – qırmızı toxmaq, kərpic xallı, xaç, yoxsa qara toxmaq, – Uit qızın ayağına məhz «qırmızı toxmaq» sözünü işlədərkən toxunmuşdu.
Amma bu əhvalatın həqiqi sehri onun Uendinin həyatında necə əks olunmasında, ona göstərdiyi təsirdədir. Qızın restoranda öz valideynlərinin gözü qarşısında parlamaq imkanı əldə etməsi azmış kimi, o hələ evdə də ulduza çevrildi – qohumları Uendinin qeyri-adi «ekstrasensor» qabiliyyətləri barədə özlərinin bütün tanışlarına danışdılar.
Bu hadisədən bir neçə ay sonra Uit Uendidən bir banderol aldı. Banderolda Brayl[2 - Brayl sistemi – korlar üçün oxu və yazı sistemidir (qabarıq nöqtələrlə) – tərc.] oyun kartı dəsti və məktub vardı. Məktubda Uendi özünü həmin axşamın qəhrəmanı kimi hiss etməsinə kömək göstərdiyi və bir neçə dəqiqəliyə də olsa, ona «gördüyünü» hiss etdirdiyi üçün ona minnətdarlığını bildirmişdi. Uendi yazmışdı ki, evdə nə qədər divara qısnasalar da, fokusun sirrini hələ də doğmalarına açmayıb.
Məktubun sonunda o, Uitə Brayl kart dəstini hədiyyə etdiyini bildirməklə yanaşı, həm də Uitin korlar üçün yeni fokuslar düşünəcəyinə ümidvar olduğunu yazmışdı.
Maykl Cefris
BAXIŞDAKI MƏRHƏMƏT
Bu əhvalat çox illər bundan qabaq, soyuq bir qış günü Şimali Virginiyada baş verib. Qoca bir kişi çayın qırağında oturub qalmışdı və gözləyirdi ki, görsün onu o biri sahilə kim keçirə bilər. Qocanın saqqalı şaxtadan buz bağlamışdı. Onun gözləməsi xeyli uzun çəkdi, yazığın bədəni soyuq şimal küləyindən az qala donub qaxaca dönmüşdü.
Nəhayət, boğuq nal səsləri eşidildi. Qoca intizar dolu gözlərini döngədən çıxan atlılara zilləyib durdu. Birinci atlını o heç nə demədən buraxdı, heç onun diqqətini cəlb etməyə cəhd də göstərmədi. Sonra böyründən daha bir atlı ötüb keçdi. Sonra daha biri də. Nəhayət, qocanın oturduğu yerə sonuncu atlı yaxınlaşdı. Atlının baxışlarını üzündə tutan qoca dilləndi:
– Məni çaydan keçirtməzsən? Baxıram ki, burda ayaqla keçiləsi bərədən-filandan bir şey yoxdur?
Atın yüyənini çəkən atlı dərhal ona cavab verdi:
– O nə sözdür! Əlbəttə keçirərəm, qalxın atın belinə.
Görəndə ki, qocaya oturduğu yerdən qalxmaq çətindir, – qaxaca dönmüş bədəni qocanın heç cür sözünə baxmırdı, – atlı dərhal onun köməyinə tələsdi və atın belinə qalxmaqda ona dəstək oldu. Özü də qocanı təkcə çaydan keçirtməklə kifayətlənmədi, həm də bir neçə mil aralıda olan evinə aparıb düşürtdü.
Onlar qocanın balaca, amma rahat yaşayış məskəninə yaxınlaşanda, atlı marağını saxlaya bilməyib soruşdu:
– Ser, mən gördüm ki, siz böyrünüzdən ötüb keçən bir neçə atlını buraxdınız, heç onlara adi bir işarə də vermədiniz, xahiş də etmədiniz ki, sizi aparsınlar, təkcə mənə müraciət etdiniz. Niyə? Birdən mən də imtina etsəydim, onda necə? Siz bu soyuq qış günündə çayın qırağında qalacaqdınız?
Qoca müsahibinə baxıb cavab verdi:
– Mən dünyada bəs deyincə yaşamışam, adamları da pis tanımıram. O biri yolçuların gözlərinə baxanda başa düşdüm ki, onların heç vecinə də deyiləm. Onlardan nəsə xahiş eləmək faydasız idi. Sənin gözlərində isə mərhəmət və canyanğısının işartısı vardı. Və mən bildim ki, sənin böyük ürəyin ehtiyac duyan insana kömək etmək imkanına sevinəcək.
Deyilənlər atlını dərindən sarsıtdı.
– Bu isti sözlərə görə mən sizə təşəkkür edirəm, – deyə o, qocaya minnətdarlığını bildirdi. – Ümid edirəm, öz şəxsi işlərimə heç vaxt o dərəcədə aludə olmayacağam ki, ehtiyacı olanlara qayğı göstərə bilməyim.
Bu sözləri söyləyəndən sonra Tomas Cefferson atının başını geri döndərdi və Ağ Evə gedən yoluna davam elədi.
Müəllif naməlumdur.
Brayan Kavanonun «Səpinçinin toxumları» kitabından
ŞƏFQƏT
Doğma adamlara hökmən vaxt ayırmaq… lap cüzi də olsa, onlardan ötrü nəsə etmək lazımdır – elə bir şey ki, onun əvəzini həmin şeyin sənə bəxş etdiyi sevincdən başqa, ayrı heç nədən ala bilməzsən.
Albert Şveytser
Vətəndaş müharibəsi dövründə prezident Avraam Linkoln tez-tez hərbi xəstəxanalara baş çəkir və hospitalda yatan yaralı döyüşçülərlə görüşürdü. Bir dəfə həkimlər onu ölüm ayağında olan bir gənc əsgərin palatasına apardılar. Linkoln keçib yaralının çarpayısının qırağında oturdu.
– Mən sənin üçün nəsə eləyə bilərəmmi? – deyə prezident əsgərdən soruşdu.
Əsgər qarşısında əyləşmiş adamı tanımadı.
– Siz mənim anama məktub yaza bilərsinizmi? – deyə o, güclə eşidiləcək bir səslə pıçıldadı.
Dərhal qələm-kağız gətirdilər və prezident əsgərin zorla dilə gətirə bildiyi sözləri səliqə-sahmanla kağıza köçürməyə başladı:
«Əziz ana, mən öz hərbi borcumu yerinə yetirərkən ağır yaralandım. Qorxuram ki, sağalmağım çətin başa gəlsin. Mənə görə çox da dərd çəkib, ürəyini üzmə. Mənim əvəzimdən Merini və Conu öpərsən. Allah səni və atamı öz pənahında saxlasın».
Yaralı əsgərin məktubu diqtə etməyə taqəti yox idi, ona görə də Linkoln kağızı özü imzaladı və bu sözləri əlavə etdi: «Məktub sizin oğlunuzun diqtəsi ilə Avraam Linkoln tərəfindən yazılmışdır».
Əsgər xahiş etdi ki, oxuması üçün kağızı ona göstərsinlər.
– Siz doğrudan prezidentsiniz? – deyə məktubu oxuyan əsgər heyrətlə pıçıldadı.
– Hə, – deyə Linkoln sakitcə cavab verdi və soruşdu ki, ona daha nəsə edə bilərmi.
– Əlimdən yapışın ki, ölüm mənim üçün dəhşətli görünməsin.
Bu, ölüm ayağında olan əsgərin axırıncı xahişi idi.
Sükuta qərq olmuş palatada prezident cavan oğlanın əlini öz əlinə alıb, ovcunun içində saxladı və ölüm yetişənə qədər əsgərə təsəlliverici sözlər söylədi.
«Seçilmiş miniatürlər və parçalar» toplusu
(The Best of Bits & Pieces)
GECƏ QONAQLARI
Sevgi həm onu bəxş edənləri, həm də bu bəxşişi qəbul edənləri sağaldır.
Doktor Karl Menninger
Bir dəfə biz arvadım Yuditlə belə qərara gəldik ki, qızımız Leylanı da götürüb birgə səyahətə çıxaq. İçərisində səfər üçün hər cür avadanlığı olan yaşayış avtofurqonu icarəyə götürüb, Aşağı Kaliforniyaya yollandıq[3 - Meksikanın uzun və dar Kaliforniya yarımadasında yerləşən iki ştatı – tərc.]. San-Dieqoya qayıtmazdan bir gün qabaq isə biz əldən-ayaqdan uzaq adamsız çimərliyin yanında köç salası olduq – axırıncı istirahət gecəmizi təbiətin qoynunda keçirmək istəyirdik.
Mən gecə yarısı yuxudan hövlnak ayıldım – Yudit dirsəyi ilə böyrümü dümsükləyib, təcili qalxmağımı tələb edirdi. Bayırdan qışqırıq səsləri eşidilirdi və qapını bərk-bərk taqqıldadırdılar. Heç nə dərk etmədən mən anadangəlmə lüt-üryan furqonun damı altındakı çarpayıdan sıçrayıb qalxdım və pəncərədən çölə baxdım. Bayırda gördüklərim məni yuxudan tam ayılmağa məcbur etdi: üzümaskalı kişilər maşını dövrəyə almışdılar və yumruqlarını qapı-pəncərəyə çırpırdılar. Qabaqlar macəra filmlərinə baxanda özümə həmişə sual verərdim ki, görəsən mən nə vaxtsa əsl təhlükə ilə qarşılaşsam hansı hissləri keçirərdim? Neyləmək olardı, mən vaxt itirmədən dərhal «qəhrəman» obrazına girdim. Heç bir qorxudan söhbət gedə bilməzdi – ailənin şərəfini qorumaq vaxtı çatmışdı.
Cəld sürücü yerinə keçib açarı hərlətdim. İşə bax ki, bütün səyahət müddətində mühərrik dərhal işə düşmüş, bizi bir dəfə də olsun peşman etməmişdi. Amma bu dəfə o yalnız bir neçə dəfə «asqırıb» sönməklə kifayətləndi. Bu vaxt sürücü oturan tərəfin şüşəsi qırıldı və mən kabinəyə soxulan hansısa əli gördüm. Dərhal da ona zərbə ilişdirdim (burda necə də zorakı olmayasan! Bütün həyatım boyu mənə hakim kəsilən pasifist inam təhlükənin təzyiqi altında bir andaca puça çıxdı. Sonradan mən silahım olmadığına dəfələrlə sevinəcəkdim, çünki çox ehtimal ki, mən bu vəziyyətdə silahı dərhal işə salardım).
Mühərriki işə salmaq şansı qalırdı. Öz xəyalımda qəhrəman rolunu mən indiyəcən bəlkə min dəfə oynamışdım və bu rolu gerçək həyatda da oynaya biləcəyimə əsla şübhə etmirdim. Açarı daha bir dəfə burub hərlətdim. Mühərrik canlanan kimi oldu, di gəl ki, tez də yenidən yatdı. Sonra tüfəngin lüləsi hülqumuma dirəndi. Beynimdən bir fikir keçdi: «İndi belə çıxır ki, mən öz ailəmi xilas edə bilməyəcəm?»
– Pul! Pul ver! – deyə quldurlardan biri qışqırırdı; aralarında ingiliscə az-maz danışa bilən təkcə elə o idi.
Lülənin ucu az qala boğazımı deşirdi. Mən əlimi oturacağın alt tərəfinə apardım və pul kisəmi sınmış şüşədən quldura tərəf uzatdım. Güman etmək istərdim ki, məsələ bununla da bitəcək.
Amma bitmədi.
Maşının sınıq şüşəsindən əllərini içəri soxan meksikalılar qapının kilidini açdı və əlisilahlı adam mənə güclü zərbə endirdi. Mən döşəmənin üstünə yıxıldım və quldur dəstəsi hay-küylə furqona doluşdu. Onlar eynən ikinci dərəcəli ucuz Hollivud filmlərindəki meksikalı banditlərə oxşayırdılar. Üzlərini yaylıqla örtüb gizlədən soyğunçular dörd nəfər idilər: birinin əlində silah, birinin əlində qəssab bıçağı, birində maçete[4 - Maçete – soyuq silah, dəhrə (ispanca).] vardı; dördüncü quldur isə silahsız idi. Mən onların çiyinlərindən patrontaş asılmadığına az qala hələ təəccübləndim də. Quldurlardan biri tüfəngin lüləsini sinəmə dirəyib məni tərpənməyə, yerdən qalxmağa qoymurdu, o birilər isə ispanca çığırışa-çığırışa furqonun altını üstünə çevirir, şey-şüyləri ələk-vələk eləyirdilər.
Maraqlıdır, nə qədər ki, mən ailəmin xilası üçün nəsə eləyə bilərdim (ya da ən azından xam xəyala qapılanda ki, bəs guya nəsə eləyə bilərəm, məsələn, mühərriki işə salaram), canımda bir tikə də qorxu-filan yox idi, hərçənd qanımda adrenalin bəs edirdi. İndi isə, tüfəng sinəmə dirənmiş halda döşəmədə çılpaq uzanıb qalarkən mən öz köməksizliyimi hiss edirdim. Və əsməyə, titrəməyə başladım; qorxudan məni dəhşət bürüdü.
Maraqlı həyəcandır. Tezliklə mən öz qorxuma isinişdim: daha bir az – və qorxu tamam yoxa çıxacaqdı. Beynimdə qəfil fikir doğdu: meditasiyaya yüklənməyin və Tanrıdan kömək istəməyin məqamıdır. Mən dərindən ah çəkdim və köməyə çağırdım.
«Düşmənimin gözü qarşısında mənə süfrə açdın» – zəbur surəsi (22:5) içimdə ucadan və aydın səslənməyə başladı.
– Nə? – deyə mən özümdən sakitcə soruşdum. – Başa düşmürəm, bu nəyə gərəkdir! – və dərhal da təsəvvürümdə necə bir bayram süfrəsi hazırladığımı canlandırdım.
Onda mən özümə dedim: hə, bizə quldurlar basqın ediblər və işlərimiz xarabdır. Amma əgər bütün bunlar başqa cür olsaydı, onda necə alınardı? Əgər onlar quldur yox, gecənin soyuğunda bizə çöllükdən qonaq gəlmiş köhnə dostlarımız olsaydılar, onda necə? Əlbəttə, mən onların gəlişlərinə şad olardım və hamısını da ən hörmətli qonaqlar kimi qarşılayardım.
Bədənimin hansısa hissəsi xəyalımda dəhşətli zorakılıq və qətl səhnələri fırladırdı. Amma eyni zamanda mənim daxilimdə yeni imkanlara maraq göstərən aydın, sakit bir məkan açılmışdı. Axı, onlar da Allah adamlarıdır. Mən bəyəm özümə az demişdim ki, məqsədim – insanlara xidmət etməkdir? Bu da sənə insanlar!
İndi mən quldurlara yeni gözlə, insani nöqteyi-nəzərdən baxırdım. «Bir dayan görüm ey! Bunlar bandit-filan deyil! İlahi, onlar ki, hələ uşaqdılar!»
Birdən mənə aydın oldu ki, qarətçilər çox cavan, təcrübəsiz və ağılsız uşaqlardı. Onlar əsəbiləşib özlərindən çıxırdılar. Onların amansızlığı və çığır-bağırları gücə yox, qorxuya dəlalət edirdi. Furqonun içində ağalıq edən cahıllar bir çox qiymətli qənimətləri görmədən əşyaları səliqəsiz şəkildə töküb-töküşdürməklə məşğul idilər. Və bu vaxt beynimdə qəribə bir aydınlıq əmələ gəldi: «süfrə açmaq» bizi talamaqda onlara kömək etmək demək idi.
Mən ingiliscəni bilən cahıla üz tutdum:
– Ey, siz ən yaxşı şeyləri görmürsünüz! Bax, orda pal-paltar topasının altında yaxşı bir kamera var.
Oğlan mənə çaşqın nəzərlərlə baxıb, sonra yanındakılardan birinə ispanca nəsə dedi, o da dərhal kameranı mənim nişan verdiyim yerdən tapıb çıxartdı.
– Otuz beş millimetrlikdir. Çox yaxşı şəkillər çəkir, – deyə mən onu həvəslə başa salıb, sözümə davam etdim: – Sənin dostların nahaq yerə hər şeyi qatıb-qarışdırırlar. Qiymətli şeylərin yerini mən özüm sizə göstərərəm.
Oğlan yenə məni qəribə baxışlarla süzdü. Mənim davranışım onun kobud qarət ssenarisinə qətiyyən uyğun gəlmirdi.
Mən şeyləri bir-bir onlara göstərdim.
– Necədir, əla gitaradır? – mən barmağımı gitaranın tellərinə toxundurub soruşdum. – Çala bilirsiniz? Kimsə bunu götürmək istəyir? Bax, «Sony» pleyeri, əla qulaqcıqlar, batareyalar, bir neçə kaset də var! Kim istəyir? Hansınıza lazımdırsa, götürün!
Mən xatırladım ki, bir vaxtlar hindular əllərində olan hər şeyi bizə verirdilər, özü də, demək olar ki, müftə. Fikirləşdim ki, bizim günlərimizdə sərvət bölgüsü dedikcə qeyri-bərabər vəziyyətdədir və bu uşaqların bizim şeylərimizə sahib çıxması hansı mənadasa hətta ədalətli olacaq. Öz şeylərimizi onlara bağışlamaq imkanı mənə məmnunluq bəxş etməyə başladı və fikirləşdim ki, görəsən, bu cavanlara mən daha nə bağışlaya bilərəm.
Qurbanlıq rolunu rədd edərək, mən artıq şəraitə təsir etməyə başlamışdım, amma hər necə olsa vəziyyəti tam dəyişə bilmədim. Xüsusən də, əlində qəssab bıçağı tutmuş oğlan özünü heç də taraz aparmırdı. Ola bilsin, narkotikin təsiri öz sözünü deyirdi. O, məni elə hey itələyir və nəsə çığırırdı. Onun ingiliscə lüğət ehtiyatı cəmisi bir neçə sözdən ibarət idi. «Narkotik ver! Araq ver! Pul ver!» Bu axmaq mətbəx qutusunda dərman şüşəsi axtarırdı. Görünür, onu bərk qarın ağrısı tutmuşdu və bu təhlükəli naxoşluqdan biryolluq müalicə olunmaq istəyirdi. Mən bu bədbəxti dilə tutmağa çalışırdım ki, bütün həbləri birdəfəyə udmasın, ancaq onun qərarı dəmir kimi qəti idi və mən geri çəkilməli oldum. Etiraf edim ki, ona qarşı ağlımdan bədxah bir fikir də keçdi: «Elə bu lazımdır, sənə lap əcəb olur».
Mənim «ingilisdilli dostum» o biri quldurları sakitləşdirməyə, aranı düzəltməyə çalışırdı.
Nə vermək mümkündüsə, hamısını paylayıb furqonun arxa tərəfinə, Yuditlə Leylanın yorğana bürünərək büzüşüb oturduqları yerə nəzər saldım. Yudit uşağa qarşı edilə biləcək zorakılıqdan, onun oğurlanacağından qorxurdu. İndiyəcən bir dəfə də olsun «pis» adam görməyən iki yaşlı Leyla tez-tez eyni sualı verirdi: «Ata, bu yaxşı adamlar kimdi?»
«Daha nə?» – mən özlüyümdə düşündüm və bədahətən soruşdum:
– Bir şey yemək istəyirsiniz?
İngiliscəni başa düşən oğlan mənim sözlərimi öz dostlarına çatdırdı və dörd cüt göz məni soyuducuya kimi müşayiət elədi. Bax, bu yerdə mənim problemlərim ortaya çıxdı. Soyuducunun qapısını açanda gözümə tofadan, arıtlanmış dənli bitkilərdən, yoqurtlardan və qoz yağından başqa bir şey sataşmadı. Mən çox pis vəziyyətə düşdüm, elə bil ki, məclis düzəldərkən birdən sənə məlum olur ki, bəs qonaqlardan birinin xüsusi pəhrizi var. Başa düşdüm ki, burda «qonaqlarımın» yemək hesab edəcəyi bir şey yoxdur.
Sonra mən rəfdə qəşəngcə yetişmiş almanı gördüm və öz-özümə dedim: «Bax, bu gedər. Pis yemək deyil, yarayar». Və almanı rəfdən götürüb əlibıçaqlı oğlana uzatdım. Bu, çox vacib məqam idi. Qonaq etmək mədəniyyəti əksər halda birliyin, dostluğun və barışığın rəmzinə çevrilir.
Oğlan tərəddüd edirdi – götürsün, ya götürməsin? Bu situasiyada o, başlanğıcdakı rol bölgüsündən geri çəkilməyə müqavimət göstərirdi. Sonra onun gözlərindən ani təbəssüm keçdi və o, almanı məndən götürdü. Əllərimiz bir-birinə toxunanda mən aramızda ani enerji mübadiləsi hiss etdim.
Beləliklə, bizdə hədiyyəvermə və qonaqetmə «mərasimi» baş tutdu. Qəfildən «tərcüməçimiz» dedi ki, biz maşınla gəzməyə gedirik. Mənim qorxum təzədən geri qayıtdı. Mən bilmirdim onlar hara getməyə hazırlaşıblar. Hərçənd onların ağlında bizi öldürmək fikri vardısa, onda bu yer başqa yerlərdən heç də pis deyildi. Oğlanlar o dərəcədə səriştəli görünmürdülər ki, kimisə oğurlayıb girov götürsünlər və sonra da əvəzində pul qopartmağa çalışsınlar. Mən onlara maşını götürmələrini təklif etdim. Onlarla harasa getməkdənsə, çölün düzündə heç nəsiz qalmaq daha yaxşı idi. Biz bu barədə fikir mübadiləsi apardıqda soyğunçular bizi yenə silahla hədələməyə başladılar. Onda mən bir şeyi anladım: mən qorxu «rejiminə» keçən kimi, oğlanlar da dərhal quldura çevrilirdilər.
– Yaxşı. Getdik!
Mən keçib Yuditlə Leylanın yanında özümə yer tutdum və biz gecə vaxtı yola düşdük. İndi heç olmasa əynimdə tuman vardı və bundan ürəyimdə bir az yüngüllük hiss edirdim. Hərdən reallıqla əlaqəmi itirirdim və çöllükdə gecə gəzintisindən, sadəcə, ləzzət alırdım. Sonra uzaqda sayrışan işıqları görüb fikirləşdim ki, əgər hansısa kəndin yaxınlığında maşını saxlasalar, dərhal qapını açıb Yuditlə uşağı maşından düşürmək lazımdır. Sonra özümdən soruşdum: «Əgər mən indi ən əziz qonaqlarımla yol getsəydim, onda neylərdim?» Əlbəttə ki, oxuyardım.
Yudit, Leyla və mən birlikdə oxumağa başladıq:
Listen, listen, listen to my heart’s song.
Listen, listen, listen to my heart’s song.
I will never forget you, I will never forsake you.
I will never forget you, I will never forsake you.[5 - Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.]
Bizim balaca Leylamız ürəkdən sevinib şənlənirdi. Hərdən o, cavan quldurlardan hansınınsa baxışlarını tuta bilirdi. Mən baxırdım ki, roldan çıxmaq onlar üçün elə də asan deyil: «Sən belə zarafatları boşla, balaca. Mən axı qulduram, ya yox?» Buna baxmayaraq, hər necə olsa, quldurlar tez-tez uşağa baxıb gülümsəməli olurdular.
Deyəsən, bizim oxumağımız onların xoşuna gəlirdi. Yox, dəqiq xoşlarına gəlirdi. Amma bu yerdə mənə çatdı ki, biz kifayət qədər qonaqpərvər deyilik: axı, onlar bizim mahnılarımızı başa düşmürdülər. Mən bir anlıq fikrə getdim. Tapdım, lazım olanı tapdım:
Guantanamera, guajira, guantanamera.
Guantanamera…
Alındı! Onlar bizə qoşulub oxumağa, bizə dəm tutmağa başladılar. Nə quldur vardı, nə qurbanlıq. Biz hamımız ayaqlarımızı mahnının ahənginə uyğun tərzdə maşının döşəməsinə vururduq və bizim ürəklərimiz boş çöllükdə gecənin qaranlığını yarıb keçən furqonun üzərində uçurdu.
İlahi! Biz kəndin böyründən maşını saxlamadan ötüb keçdik və mən ailəmi xilas etmək kimi gözəl planımı həyata keçirə bilmədim. İşıqlar artıq xeyli arxada qalmışdı və biz hansısa sərt təpəliyə doğru gedirdik. Hansısa qaranlıq kənd yoluna burulandan sonra maşın dayandı. Yuditlə biz bir-birimizə o nəzərlə baxdıq ki, ola bilsin, indi bizi öldürəcəklər.
Quldurlar maşının qapısını açıb şey-şüyləri boşaltmağa başladılar. Onlardan hansısa maşından çıxanda bizə «Adios» dedi. İngiliscə anlaşdığımız oğlan maşından düşərkən ayaq saxlayıb, tələsik dedi:
– Siz allah, bizi bağışlayın. Mənim hombreslərim[6 - Hombres – kişilər, oğlanlar (ispanca).] və mən özüm – kasıb adamlarıq. Bizim atalarımız da kasıbdır… Biz pulu bu yolla əldə edirik. Mən çox təəssüflənirəm. Siz – xeyirxah adamsınız. Sizin arvadınız da, qızınız da çox yaxşıdır. – Oğlan təzədən üzr istədi. – Siz çox yaxşı adamlarsınız. Lütfən, bizim haqqımızda pis şeylər fikirləşməyin. Ümid edirəm ki, bu hadisə sizin istirahətinizi korlamadı.
Sonra o mənim bank kartımı özümə qaytardı.
– Götürün. Onsuz da biz bundan istifadə edə bilmərik. Ona görə də, yaxşı olar ki, sizdə qalsın.
Sonra o sürücülük vəsiqəmi də özümə qaytardı, üstəlik bir neçə Meksika əskinası da ayırıb öz hombreslərinin heyrətli baxışları altında mənə uzatdı:
– Bu, benzin üçündür.
Heç mən də onun dostlarından az heyrətlənməmişdim. Quldur mənə pul qaytarırdı! Aramızda baş vermiş bu vəziyyəti nə yollasa düzəltməyə çalışırdı!
Sonra o mənim əlimi sıxdı. Bizim gözlərimiz qarşılaşdı və aramızdakı divar heçə çıxdı. İki saniyəliyə biz şəksiz qarşılıqlı anlaşma məkanında olduq. Nəhayət o, «Adios» dedi, bu sözün tərcüməsi isə «Xudahafiz» deməkdir. Sonra qonaqlarımızın dəstəsi gecəyə qarışıb qaranlıqda yoxa çıxdılar. Və bax bu zaman biz üçlükdə bir-birimizə sarılıb hönkürdük.
Robert Qass
HƏQİQƏTƏN VACİB OLAN ŞEY
Bir neçə il qabaq Sietldə keçirilən paraolimpiya oyunlarında (əqli və fiziki cəhətdən qüsurlu) doqquz qaçışçı yüz metrlik məsafəyə qaçışın start xəttində bir sırada dayanmışdılar.
Siqnal atəşi səslənən kimi onlar dərhal yerlərindən götürülüb qabağa cumdular – demək olmazdı ki, sürətləri böyük idi, amma hamısı qətiyyətlə irəli atılmışdılar və finiş xəttinə birinci çatıb qalib olmaq istəyirdilər. Hamısı, yalnız qaçışa başlayan kimi ayağı büdrəyən, özünü yıxılmaqdan güclə saxlayan cavan oğlandan başqa. O, büdrəyə-büdrəyə bir neçə addım atıb dayandı və ağladı. Digər səkkiz qaçış iştirakçısı onun ağlamağını eşitdilər. Onlar sürətlərini yavaşıtdılar, sonra dayandılar və geriyə qayıtdılar. Hamısı bir nəfər kimi! Daun sindromlu qız həmin oğlanı öpüb dedi: «Bu, səni sağaldar!» Sonra doqquz qaçışçı əl-ələ yapışıb finiş lentinə hamısı birgə çatdılar.
Standiondakı bütün azarkeşlər yerindən qalxıb onları düz on dəqiqə ayaq üstündə alqışladılar.
Müəllif naməlumdur.
Yazını Bob Frenç göndərib.
EVƏ QAYIT, PAKO
Kiçik bir ispan şəhərində Xorxe adlı bir kişi öz balaca oğlu Pakonu bərk söyüb danlamışdı. Səhər Xorxe gördü ki, Pakonun çarpayısı boşdur – dəcəl oğlu evdən qaçmışdı!
Bərk dilxor olub peşmançılıq keçirən Xorxe öz qəlbinə nəzər saldı və başa düşdü ki, oğlu ona dünyada hər şeydən qiymətlidir. Xorxe Pako ilə tezliklə barışmaq istəyirdi. O, şəhərin mərkəzindəki ən yaxşı mağazanın qabağına gəldi və mağazanın böyründə böyük bir elan yapışdırdı:
«Pako, evə qayıt. Mən səni çox sevirəm. Sabah səhər burda görüşərik».
Sabah tezdən Xorxe mağazanın qarşısına gəldi və öz elanının yanında evdən qaçmış Pako adlı yeddi oğlan uşağının dayandığını gördü. Onlar hamısı məhəbbət dolu bu çağırışa səs vermişdilər və hər biri də ümid edirdi ki, ağuşunu geniş açaraq evdə həsrətlə onun yolunu gözləyən məhz öz atasıdır.
Alan Koen
ÖVLADLIĞA GÖTÜRÜLMÜŞ UŞAQ OLMAQ NƏ DEMƏKDİR?
Müəllimə Debbi Mun şagirdlərlə ailə fotosunu müzakirə edirdi. Fotodakı oğlanlardan birinin saçının rəngi tamam başqa cür idi və şəkildəki digər ailə üzvlərinin hamısının saçından seçilirdi. Kimsə belə fərziyyə irəli sürdü ki, yəqin bu oğlan övladlığa götürülüb. Bunu eşidəndə Coyslin Cey adlı bir qız dedi:
– Mən övladlığa götürülmüş uşağın nə demək olduğunu bilirəm. Çünki özüm də övladlığa götürülmüş uşağam.
– Və bu nə deməkdir? – deyə uşaqlardan biri soruşdu.
– Bu o deməkdir ki, – deyə Coyslin cavab verdi, – ana səni qarnında yox, ürəyində daşıyıb.
Corc Dolan
MƏZUNLARIN GÖRÜŞÜ
Bir neçə həftə əvvəl mən gündəlik işlərimlə məşğul olarkən, birdən telefon zəng çaldı. Zəngin səsi nəsə çox möhkəm idi – adətən belə zənglər pis xəbərlərin müjdəçisi olur. Amma bu dəfə xatadan salamat ötüşdük: zəng vuran vaxtilə eyni sinifdə oxuduğum bir qız idi və xahiş edirdi ki, məktəbi bitirməyimizin 20 illiyi münasibəti ilə keçirməyə hazırlaşdıqları məzunların görüşünü təşkil etməkdə ona kömək edim.
Belə. Doğrudanmı iyirmi il keçmişdi? Məni dəhşət götürdü. Tüklərim biz-biz oldu, kürəyimdə sanki qarışqalar gəzişməyə başladı, alnımda tər damcıları əmələ gəldi. Mən bu iyirmi ildə nə işlər görməyə imkan tapmışdım? O vaxt anam mənə xəbərdarlıq etmişdi: sən bu suala nə vaxtsa cavab verməli olacaqsan! Amma mən onun saçlarındakı çəhrayı rəngli biqudilərə baxıb güldüyüm kimi, onun sözünə də yalnız gülməklə cavab vermişdim (işə bax ki, bir həftə qabaq köhnə şeylər satılan bazarda özüm də eynən həmin biqudilərdən almışdım).
Qəribədir, adi telefon zəngi necə də adamın həyatının altını üstünə çevirə bilərmiş. Mən 1970-ci ilin mahnılarına (indi onları «köhnə» adlandırırlar) tamam ayrı gözlə baxmağa başladım. Ağlıma qəfildən o da gəldi ki, Daqqerin yaşı artıq 50-ni haqlayıb, «Su üzərində tüstü»[7 - Deep Purple qrupunun “Smoke on the Water” mahnısı – tərc.] – elə əvvəldən gic mahnıdır, mənim çox sevdiyim «Günəş altında fəsillər»[8 - Terry Jacksın «Seasons in the Sun» mahnısı – tərc.] mahnısı isə çoxdan unudulub gedib. Doğrudanmı mənim günəşim artıq gözə çapmadan sakitcə qüruba enməyə başlamışdı?
Güzgünün qabağına keçib özümə nəzər saldım… bu lənətə gəlmiş güzgüdə, etiraf edim ki, saçlarımın dibindən tutmuş gözlərimin qıraqlarındakı qırışlara qədər sifətimin hər bir məsaməsinə diqqətlə baxdım və ona sevindim ki, nə yaxşı hələ buxaqlarım yoxdur!
Növbəti bir neçə həftə mənimçün əsl cəhənnəm əzabına çevrildi. Mən yataqdan səhər saat 6.30-da qalxır və gecə ərzində nə yollasa yançaqlarımda yığılan piyi əritmək üçün müxtəlif idman tapşırıqlarıyla özümü yorub əldən salırdım. Amma nahaq – bütün ümidlərim boşa çıxırdı. Sonra özümə yaxşı bir paltar seçmək üçün saatlarla mağazaları gəzib dolaşırdım, elə bir paltar tapmaq istəyirdim ki, məni azından iyirmi il cavanlaşdırsın. Məlum oldu ki, belə paltarların tikişini artıq 1975-ci ildə – düz iyirmi il bundan əvvəl dayandırıblar. Mən bunu yalnız başqa üslubda üç paltar alandan sonra bildim. Mənim ağlıma öz şəxsi davranışımın yalnız bir məntiqi izahı girdi: orta yaş böhranı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336845) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Yanq, Uitni (1921-1971) – vətəndaş bərabərliyi üçün afroamerikalı mübariz
2
Brayl sistemi – korlar üçün oxu və yazı sistemidir (qabarıq nöqtələrlə) – tərc.
3
Meksikanın uzun və dar Kaliforniya yarımadasında yerləşən iki ştatı – tərc.
4
Maçete – soyuq silah, dəhrə (ispanca).
5
Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.
Dinlə, dinlə, dinlə mənim qəlbimin nəğməsini.
Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.
Mən heç vaxt unutmaram, heç vaxt atmaram səni.
6
Hombres – kişilər, oğlanlar (ispanca).
7
Deep Purple qrupunun “Smoke on the Water” mahnısı – tərc.
8
Terry Jacksın «Seasons in the Sun» mahnısı – tərc.