Qutadğu bilig
Balasaqunlu Yusif
Əziz oxucu, türk dünyasının böyük oğlu, görkəmli xalq şairi Xəlil Rza Ulutürkün tərcüməsində sizə təqdim etdiyimiz bu kitab türkdilli xalqların möhtəşəm abidəsidir. XI əsrin yadigarı – Yusif Balasaqunlunun "Qutadğu bilig" və ya “Qutadqu bilik” (Xoşbəxtliyə aparan elm) kitabında ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, Allah və bəndə qarşısında başlıca vəzifələrinin nədən ibarət olduğu poetik dillə verilmişdir. Hər bir türk qızı üçün ər evinə cehiz kimi aparılan bu kitab ən böyük, ən müqəddəs hədiyyədir. Ən ali əxlaqi dəyərləri əks etdirən "Qutadğu bilig"i türk dünyasının möhtəşəm əxlaqi kodeksi də adlandırmaq olar.
Balasaqunlu Yusif
Qutadğu bilig
DÖVLƏTÇİLİK HAQQINDA, BÖYÜK KİTABIN POETİK TƏRCÜMƏSİ HAQQINDA SÖZ
Qarşımda təxminən 20 ç.v. həcmində əlyazma var. Bu əlyazma Yusif Balasaqunlunum "Qutadqu bilik" poemasının poetik tərcüməsidir. Bu qiymətli əlyazmanı oxuduqca beynimdə iki axarda fikirlər, düşüncələr toplanır. Bu fikir və düşüncələri oxucu ilə bölüşmək istəyi qarşısıalınmaz bir həvəsə çevrilir. Həmin fikirlərin bir axarı "Qutadqu bilik" dünyası ilə, o biri axarı isə Xəlil Rza dünyası ilə bağlıdır. Bir-birini tamamlayan bu axarlar biri dənizə, biri ümmana axıb, elə orda da bir-birinə əbədi qovuşur. Böyük ümmanın adı Türklük, ulu dünyanın adı Türk Dünyasıdır.
Hələ qələm dostum Ramiz Əsgərlə 1980-ci illərdən çevirməyə başladığımız və dostumuz Azər Mustafazadənin yaxından köməyi ilə 1994-cü ildə işıq üzü görən "Qutadqu biliy"in[1 - Yusif Balasaqunlu, "Qutadqu bilik" – "Xoşbəxtliyə aparan elm" (Türkiyə 3 türkcəsində və özbək türkcəsindən istifadə etməklə Xaqaniyyə türkcəsindən çevirənlər, ön söz və qeydlərin müəllifləri prof. Kamil Vəliyev və Ramiz Əsgər), Azərnəşr, Bakı, 1994.] filoloji tərcüməsi bizi Yusif Balasaqunlunun sənət dünyası ilə həmişəlik bağlamışdı. Və bu bağlılığı Xəlil Rzanın poetik tərcüməsində bir daha duyduq, bir daha gördük.
Eşitmişdik ki, mübariz şair "Qutadqu bilik"lə çox maraqlanır. Bu bizi çox sevindirdi. Çünki Azərbaycanda yalnız məhdud elmi dairədə tanınan bu ölməz poema hər kəsin oxuması, bilməsi zəruri olan əsərdir. Bunun üçün filoloji tərcümədən daha çox poetik tərcüməyə ehtiyac duyulurdu. Vaxtı ilə Nizaminin əsərlərini də biz öncə hərfi tərcümədə, sonra poetik tərcümədə oxumuşuq.
Həmin tərcümələr içərisində mərhum Mir Cəlalın öz poetikliyi ilə şer tərcüməsindən geri qalmayan çevirmələrini xatırlayıram. Bəlkə də təfərrüat və elmi dəqiqlik üçün filoloji tərcümə gərəklidir, ancaq kütləvilik, yaşarılıq üçün bədii poetik tərcümənin gördüyü işi heç nə görə bilməz.
Bu mənada Xəlil Rza ədəbiyyat tariximiz, mənəviyyatımız üçün, bugünkü dövlət müstəqilliyi üçün əvəzedilməz bir iş görmüş, "türk "Şahnaməsi”ni Azərbaycan türkcəsinə çevirmişdir.
* * *
…Bir dəfə Türkiyədə mənə "Qutadqu biliy"in son tərcümələrindən birini bağışlamışdılar. Və mən əlimdə kitab dayandığım zaman böyük türk alimi mərhum Bahəddin Ögəl əlimdəki kitabın adını soruşdu. Mən dedim:
"Qutadqu bilik" – "Xoşbəxtliyə aparan kitab". O gülümsəyib:
– Yox, oğlum, o kitabın adı "Dövlət kitabı"dır, ”Dövlətnamə"dir. Türk dövləti fəlsəfəsi, düşüncəsi haqqında ən böyük söz də bu kitabdadır. Azərbaycanın bu kitaba ehtiyacı çoxdur.
Müdrik alimin sözlərindəki həqiqəti inkar etmək mümkün deyil.
Türk xalqlarının xilqətindəki inanış islamda qanunauyğun inikasını tapdığı üçün türk və islam mədəniyyəti VII-VIII yüzilliklərdən sonra türk -islam mədəniyyəti kimi dünya tarixinə daxil oldu. Bu böyük prosesi əks etdirən yüzlərcə, minlərcə örnəklər arasında "Qutadqu bilik" başda gəlir.
Qut – türkrə səadət, xoşbəxtlik, uğurlu tale deməkdir. "Qutadqu bilik" – xoşbəxtliyə, səadətə aparan elm, bilik deməkdir (qut-xoşbəxt, ad-etmək mənalı adlardan fel düzəldən şəkilçi, -qu-feldən ad düzəldən şəkilçidir; bil(mək) felin kökü, -ik-feldən ad düzəldən şəkilçidir).
Bu möhtəşəm abidənin müəllifi türk-islam ədəbiyyatının ilk böyük sənətkarı Yusif Xas Hacibdir (1017-1077).
İstər Yusif Balasaqunlunu, istərsə də onun müasiri, "Divani lüğət-it-türk''ün müəllifi Mahmud Kaşğarini yetirən tarixi şərait və mühit bizim üçün maraqsız ola bilməz. Qaraxanlılar sülaləsinin islamı ilk qəbul edən və Kaşqarda ilk türk islam dövləti yaradan Əbdülkərim Satuq Buğra Qaraxan Soğdi dili və mədəniyyəti yerinə türk dili və mədəniyyətinin əsasını qoydu. Balasaqun şəhəri Türküstanın qədim şəhərlərindən biri kimi Kubalıq (Gözəl şəhər), Qara Ordu, Quz-Ordu, Uluş, Balıq adları ilə adlanmış və Mahmud Kaşğarinin "Divan"inda verilən xəritədə tam mərkəzdə göstərilmişdir. Kaşqar (Ordukənd) paytaxt olsa da, Balasaqun şəhəri Qaraxanlıların çox böyük şəxsiyyətlərindən biri olan Harun tərəfindən ikinci böyük iqtisadi və mədəni mərkəzə çevrilmişdi. Samanilərin zəifləməsi, Qaraxanlıların İslama dönüşü Qərbi Türküstanda yeni və qüdrətli dövlətçilik sisteminin yarandığını göstərirdi. Təsadüfi deyil ki, uzun müddət yaşamasa da, türk ədəbi dilinin və mədəniyyətinin formalaşmasında mühüm rol oynayan Qaraxanlılar daha möhtəşəm Türk İslam dövləti olan səlcuqların sələfi rolunu ləyaqətlə oynamışdır.
Haciblik – "Qutadqu bilik" əsərində bir növ hökmdarın ideoloji istiqamətlər üzrə müşaviri kimi "xidmətlərin ən incəsi" tək qiymətləndirilir. "Hacib olmaq və irəli keçib insanlara yol göstərmək" üçün əsaslı şərtlər qoyulur. Bu şərəfli vəzifə üçün ağıl, zəka, tədbir, bilikdən savayı boy-buxun, səliqə-səhman, nurani sifət də tələb olunur. Saray həyatının beyni kimi fəaliyyət göstərməli olan Hacib üçün gərəkli şərtlərə həsr olunmuş 90 beyt bunu sübut edir. Əlbəttə, Yusifin bu xüsusiyyətləri bir növ canlı örnək idi. Dövrünün mütəfəkkir sənətkarı, dövlət xadimi olan Yusif Xas Hacib türk islam tarixini, mədəniyyətini dərindən mənimsəmiş ideoloq idi. Əsərin başdan-başa türkcə yazılması, gəlmə sözlərin azlığı, qədim adətləri, etnoqrafik xüsusiyyətləri gözəl bilməsi, Quran, islam fəlsəfəsini dərindən mənimsəməsi Yusif Balasaqunlunu yalnız bir sənətkar kimi deyil, həm də türk dövlətçilik tarixinin qüdrətli fikir-məfkurə simalarından biri kimi tanıdır. Təsadüfi deyil ki, "Qutadqu biliy"in zəngin materialı əsasında dini, əxlaqi, didaktik, hüquqi, sosial-siyasi, estetik, pedaqoji, psixoloji baxışlar sistemi üzərində ayrı-ayrılıqda kitablar, əsərlər yazmaq mümkündür.
Məlumdur ki, türk fəlsəfəsi və dövlətçilik tarixi islama qədər böyük bir inkişaf mərhələsi keçmişdir. Türklərin tarixdə özünəməxsus yer tutması yalnız hərbi müvəffəqiyyətlə bağlı deyildir. Türklük aləmini dünyaya və insana fəlsəfi baxış, hüquq və dövlət dünyabaxışından ayrı təsəvvür etmək olmaz. Qədim türklərdə törü (törə) adlanan şifahi ədliyyə sisteminin, adət və ənənələrdə öz əksini tapmış hüquqi baxışlar toplusunun böyük əhəmiyyəti olmuşdur. Yusif Balasaqunlu islam fəlsəfəsi ilə qədim türklərin törələrdən, tanrıçılıqdan, həyat və düşüncə tərzindən gələn fəlsəfəsini üzvi şəkildə birləşdirərkən təbii ictimai-sosial fəlsəfi baxışları ifadə etmişdir. Bu mənada, əsər "Türklərin mənəvi tərəfini, siyasi və idarəçilik görüşlərini ortaya qoymaqla Türk dövlətinin ictimai-siyasi bünövrəsini tanıtmağı bacarmışdır"[2 - 1.Qafesoğlu. "Qutadqu bilik" və Kültür tariximizdəki yeri, İstanbul, 1980, s.4.].
"Qutadqu biliy"in dünyada tanınmasında böyük zəhməti olan Rəşid Rəhməti Aratın dediyi aşağıdakı sözlərə əlavə etmək çox çətindir: "Yusif bu əsəri ilə insan həyatının mənasını təhlil etmiş, onun cəmiyyət və eyni zamanda dövlət içindəki vəzifəsini təyin edən bir fəlsəfi – həyat fəlsəfəsi sistemi formalaşdırmışdır"[3 - R.R. Arat "Qutadqu bilik" – Mətn, Ankara, 1979, s. XXV.]. Şübhəsiz ki, bu baxışlar sistemini Yusif Xas Hacib özü yaratmamışdır, mövcud haqq, ədalət, dövlət, hüquq, ədliyyə, əxlaq anlayışlarını gözəl bir üslubda canlandırmış mütəfəkkir – ideoloq səriştəsi ilə sistemləşdirmişdir. İslamı qəbul etmiş türklərin milli həyat fəlsəfəsi vətəndaş və dövlət baxışı, bilavasitə milli dövlətin müqəddəsliyi prinsipi bu gün üçün də müasirdir. Molla və ya axund məscidə layiq olmaya bilər, amma Allah evi olan məscid müqəddəsdir. Seçilmiş, təyin edilmiş və yaxud irsi olaraq başına tac qoyulmuş hökmdar uğursuz və ləyaqətsiz ola bilər, ancaq milli dövlət müqqəddəsdir. Bu müqəddəslik bilinmədikcə və tanınmadıqca, ətə, qana çökməyincə, beyinlərə hopmayınca o dövlətin yaşamaq haqqı şübhəli olacaq. Dövlətin qanunları da, ona əsasən, ordusu və idarə sistemi də o zaman möhtəşəm və qüdrətlidir ki, hər bir vətən övladı, özünü vətəndaş sayan şəxs həmin dövləti öz ailəsi qədər sevir və müqəddəs tutur. Vətəndaşın dövlətçilik hissini və milli dövlətə məhəbbətini ifadə etmək baxımından "Qutadqu bilik" örnək əsərlərdən biri kimi tariximizə daxil olub.
Bu fikirlər bəlkə də milli dövlətə müasir baxışdır və haradasa subyektiv yozumdur. Və şübhəsiz ki, marksizm-leninizmin dövlət konsepsiyasına uyğun deyil. Etirazımız yoxdur. Ancaq bizim iddiamız metod konsepsiyası deyil, milli dövlətə tariximizdən, törələrimizdən, kökdən, bünövrədən gələn baxışları açıqlamaqdır. Həmin baxışların açıqlanması gəncliyimizdə milli dövlət əqidəsini formalaşdırmaq, dövlətçilik namusunu, qeyrətini aşılamaq üçün zəruridir. Müasir dünyanın mürəkkəb siyasət əlifbasında dövlətçilik və demokratiya prinsiplərini əqidə, amal səviyyəsində dərk etmədən heç bir azadlıqdan və müstəqillikdən söhbət gedə bilməz. Azərbaycanın azadlıq və müstəqilliyini köklü şəkildə dərk etməsi üçün ədəbi və tarixi qaynaqlarımızın müasir gözlə oxunması, şərh edilməsi, tədris və təbliği çox vacibdir. Bu baxımdan da "Qutadqu biliy"in sətirləri içərisində yatan həqiqətlərin aşkar edilməsinə böyük ehtiyacımız var.
"Qutadqu biliy"in tədqiq və nəşr tarixi geniş bir mövzudur və məqsədimiz təfərrüatı ilə bu mövzunu əhatə etmək olmasa da, əsas araşdırmaları vurğulamağa ehtiyac var.
Klassik türkologiyanın H. Vamberi, V. Radlov, A.Z. Validov, S.Y. Malov, R.R. Arat kimi nümayəndələrinin nəşr, tərcümə baxımından xidmətləri çox böyükdür. Onlarla birlikdə V. V. Bartold, Z. V. Toğan, P. K. Juze, A.N. Kononov, İ. Qafesoğlu kimi araşdırıcılar tədqiqatları ilə "Qutadqu biliy"in dünya elmi səviyyəsinə çıxmasında ciddi rol oynamışlar[4 - Bax: A.3. Bалидов. Bocтoчные pyкonucu в Ферганской oбласти. З. В. O. т. XX, 1914. C.E. Maлов. Памятники дpeвнe-тюркской nucьменнocmu, M. Л., 1951. В. В. Бартольд. Двенадцать лекций по ucmopuu mypeцкux napoдoв Cpeдней Aзии. Coчuнeнuя, m. V. A Н. Koнонов. Поэма Юсифа Баласагунского "Благадатное знание", M., 1983.].
"Qutadqu biliy"in nəşrləri içərisində üç nəşri biz xüsusilə qeyd etmək istərdik. Birincisi görkəmli Türkiyə alimi Rəşid Rəhməti Aratın 1947 və 1979- cu il nəşrləridir, ikincisi görkəmli özbək alimi K. Kərimovun Daşkənd nəşridir, üçüncüsü görkəmli rus türkoloqu S.N. İvanovun abidənin rus dilinə tərcüməsidir[5 - R.R. Arat. Göst. əsəri. "Kutadğu bilih" (saodatqaiullovçib bilim) nəşri 6 hazırlayan K.Karimov. Daşkənd, 1971. Юсиф Баласагунский "Благадатное знание". Издание подготовил С. Н. Иванов. М., 1983.]. Araşdırmaların içərisində "Qutadqu biliy"in tarixi, bədii -poetik, dil xüsusiyyətlərinə həsr olunmuş çoxlu dəyərli əsərlər vardır. Yuxarıda adları çəkilən araşdırıcılardan başqa A. Baskakov, A. M. Şerbak, X. Koroğlu, M.N. Xıdırov, E. Fazilov, Ə. Tennişev, İ.V. Stebleva, S.Q. Klyaştornı, Q.F. Blaqova, N.S. Banarlı, A.S. Ləvənd, L. Banelli, O. Alberti, M. Aran, A. Bombaçi, F. Rəhməti, M. Xartman, S. Cağatay, Ə. İnan, İ. Nəcmi, A. Rüstəmova, A. Valitova və b. tədqiqatçıların onlarca əsərlərinin üzərində dayanmaq üçün geniş imkan yoxdur. Bu araşdırmaların içərisində A. Dilaçarın, İ.V. Steblevanın, S. Başerin adlarını çəkdiyimiz əsərlərini, eləcə də, 900 illiyi münasibətilə "Sovetskava tyurkoloqiya" jurnalının bütöv bir nömrəsini (1970, № 4) başdan-başa (cəmi 13 məqalə) "Qutadqu biliy"ə həsr olunmasını ayrıca qeyd etməyi özümüzə borc bilirik.
"Qutadqu bilik"dəki insan konsepsiyası, ağıl anlayışı, hikmət fəlsəfəsi qut və törə kimi anlayışların çoxsəpkili təhlili ilə üzə çıxa bilər. Ümumiyyətlə, əsərdə sosial-fəlsəfi, etik problemlərin qoyuluşunun bütöv bir sistem daşıdığı şübhəsizdir. "Fənalıq cahillikdən doğar, xəstəliklər, pisliklər bir nöqsandan irəli gəlir. Müalicə ilə xəstəliklər sağaldıla bilər, tərbiyə ilə pisləri yaxşı etmək olar, oxumaq yolu ilə biliksizlərə bilik verilmiş olar". "Hökmdar millətini, ailə başçısı ailə üzvlərini oxutmağa və tərbiyə etməyə məcburdur".''İqtisadi baxımdan cəmiyyətdə üç ayrı sinif vardır: zənginlər, orta sinfi təşkil edən ordu və məmurlar, füqəra sinif olan xalq… Fəqət himayə və təşviqlə qara camaat (qara budun) deyilən xalq orta sinif dərəcəsinə qalxa bilər. Orta sinif də get-gedə zənginlərlə birləşər. Beləliklə, cəmiyyətdə yoxsul və zülm görmüş bir sinif qalmaz"… kimi onlarca, yüzlərcə fikir yalnız ideal cəmiyyətin modeli haqqında düşüncələr deyil, həm də Orta Asiyanın müsəlman Türk dövlətinin ideoloji bünövrəsidir.
"Fərdin xoşbəxtliyi zəhmətin xoşbəxtliyinə bağlıdır. Fərdlər cəmiyyətin və cəmiyyətin başı olan hökmdarın yaxşılığı üçün çalışsalar, qısası, hökmdar ədalətli olsa, millət xoşbəxt olar" fikri, qanun haqqında düşüncələri Yusif Xas Hacibin dövlətçilik baxışlarını açıqlayan örnəklərdən biridir.
"Qutadqu biliy"in dili, poetikası haqqında çox danışmaq olar. Əsər xan dili deyə adlandırılan Kaşqar-Xaqaniyyə ləhcəsində yazılmışdır. Qaraxanın dövlət dili kimi sabitləşməyə başlayan ədəbi dilin kamil örnəyi kimi "Qutadqu bilik" diqqət çəkir. Bu yeni Orta Asiya türk ədəbi dili qrammatik sabitliyi və normativliyi ilə, lüğət tərkibinin dolğunluğu, zənginliyi ilə ortaya çıxır. Bu epik əsər türk dilinin şüurlu münasibətlə seçilən əsərlərindən biridir. Əsərdə doğma dilə, dövlət dilinə o qədər böyük bir sevgi var ki, heyrətlənməyə bilmirsən və istər-istəməz anlayırsan ki, dövlət və Vətən sevgisi elə ana dilindən başlayır. Və ana dilinə dövlət ölçüləri ilə yanaşma, dəyərləndirmə milli təfəkkürün başında gəlir.
"Şahnameyi-türk" adlanan "Qutadqu bilik" çox maraqlı poetik quruluşa malikdir. Əsər məsnəvi formasında epik mənzumədir. 6645 beytdən ibarət bu əsərdə 124 beyt həcmində üç parça və 173 də dördlük var. Kitaba sonda əlavə edilən 77 beytdən ibarət mənzum müqəddimə də var. Bəzən əsərin heca vəznində yazıldığı iddia edilsə də, bu böyük epik mənzumə əruz vəznində – kəsik (qısa) nıütəqarib vəznində yazılmışdır. Fa'ülün Fa'ülün Fa'ülün Fa'ül təfıləsi "Şahnamə” vəzni kimi şərqdə məşhurdur.
Əsərin lüğət tərkibi əsasən türk mənşəli sözlərdən ibarətdir. Türk dilinin fenoloji quruluşuna çox uyğun olmayan bu vəzndə klassik əsər yazan Yusif Xas Hacib böyük sənətkarlıq nümayiş etdirmişdir. Bu ənənə türk xalqlarının ana dili klassik poeziyasında, xüsusən, Əhməd Yuqnəki, Əhməd Yasəvi, Yunis İmrə, Nəsimi, Rəbquzi, Əlişir Nəvai, Zahirəddin Babur, Qazi Bürhanəddin, Xətai, Sultan Vələd, Aşıq Paşa, Füzuli… yaradıcılığı üçün məhək rolunu oynamışdır.
Bayatı, mani qoxulu dördlüklər türk dilinin öz təbii axarını əks etdirmək baxımından maraqlıdır.
Əsərin çox zəngin qafiyə sistemi vardır. Alliterasiya, anafora, epi-fora, zənginliyi türk şer dilinin potensialını reallaşdırmaq baxımından diqqəti çəkir. Ümumən, əsərdə türk dilləri üçün, xüsusən poetik dil üçün səciyyəvi olan təkrarlar sistemi mühüm rol oynayır.
Əsərin məcazlar sistemi daha çox türkcədir. Və ərəb-fars ədəbiyyatının güclü təsirinə nisbətən az uğrayır. Dialoji üslub, didaktik deyim tərzi, yeri gəldikcə rəsmi-publisist boyalar əsərin bədii poetik siqlətini zəiflətməmiş, əksinə, onu daha da zənginləşdirmişdir. İstifadə olunan frazeoloji birləşmələr, atalar sözləri və zərb-məsəllər əsərin dilində xəlqiliyi gücləndirmişdir.
"Qutadqu bilik" türk ger sənətinin ilk böyük qalalarından biridir ki, bu qalasız zəngin türk klassik poeziyasını təsəvvür etmək qeyri mümkündür[6 - Bu barədə ətraflı bax: И.B. Cеблева. Paзвитue тюркских no cчеmкux 9 форм в XI веке. M.., 1971.]
* * *
Türk dünyasının milli-azadlıq hərəkatı dövrünün böyük mücahidi və görkəmli söz ustası Xəlil Rzanın "Qutadqu biliy"ə müraciəti qətiyyən təsadüfi deyil. Bu yola Xəlil bəyi əqidəsi, qan yaddaşı, inamı və imkanı gətirmişdi. Hələ özbək – Azərbaycan ədəbi-mədəni əlaqələr tarixini öyrənərkən X. Rzanın qədim qaynaqlarla üzləşməsi, onları öyrənməsi, araşdırması alim- sənətkar ürəyinin tələbi kimi ortaya çıxmışdır. Tərcüməyə yazdığı ön sözdə alim-şairin böyük zəhməti aydınca hiss olunur.
X.Rza bu əsəri müəyyən mənada sərbəst çevirsə də, kanonik mətnə sayğı ilə yanaşmış, istər orijinalın R.R. Arat çapını, istərsə də özbək alimi K.Kərimovun çapını gərəyincə öyrənmiş, çağdaş türk dillərini və rus dilini (S.N. İvanovun poetik tərcüməsi) ustalıqla incələmişdir.
Nəticədə dünyaya həm "Qutadqu bilik" böyüklüyünü, həm də X.Rza üslubunu layiqincə təmsil edən orijinal bir tərcümə gəlmişdir.
Əsərin vəznini, qafiyə sistemini, ümumən türk nəfəsini ustalıqla saxlayan tərcüməçi müasir ritmi və konteksti də unutmamışdır. Kiçik ixtisarla və sərbəst tərcümə məqamlarını şair təxəyyülünün qanunları ilə dəyərləndirmək olar. Hər ciddi tərcümə əsəri bir yaradıcılıqdır, bir dünyagörüşün ifadəsi və təsdiqidir. Bu mənada "Qutadqu biliv''in gələcəkdə də poetik və filoloji tərcümələri ola bilər. Hər nəsil öz keçmişinə, yaddaşına öz səsi, öz nəfəsi ilə qayıdır. Bizə elə gəlir ki, nə qədər tərcümələr olursa-olsun bir tərcümə həyata həmişəlik vəsiqə alıb. Bu xalq şairi, milli mücahid Xəlil Rzanın "Qutadqu bilik" tərcüməsidir.
Allah Xəlil Rzaya, onun şəhid oğlu, qəhrəman Təbrizə rəhmət eləsin!
"Qutadqu bilik" qalası uca olsun!
Tanrı türkü qorusun!
Amin.
Kamil Vəli NƏRİMANOĞLU
professor
XƏLİL RZA ULUTÜRK
İLK MÖHTƏŞƏM ABİDƏMİZ
XI əsr yadigarı "Qutadqu bilik" türkdilli xalqların ilk poeması, onların dil xüsusiyyətlərini, bədii təfəkkür gücünü öz aynasında göstərən birinci möhtəşəm ədəbi abidəsidir. Bir xalq deyil, bütün türkdilli ulusların ortaq sərvətidir və çox güman ki, həmin dövrdə, yəni Qaraxanlılar deyilən Türk sülaləsinin əzəmətli bir dövlət gibi çiçəkləndiyi çağlarda həmin dövlətin himayəsində yaşayanların və ədəbi dili bilənlərin hamısı üçün anlaşıqlı olmuşdur.
Poemanın yazıldığı dövrdə Qaraxanlılar dövləti Yuxarı Çindən tutmuş Xəzər sahillərinəcən olduqca geniş bir ərazini əhatə edən möhtəşəm bir məmləkətin başında dururdu və dastanın ruhundan bəlli olur ki, özünün renesans çaqlarını yaşayırmış. Başqa sözlə desək, həmin Türk dövlətinin, Türk ruhunun çiçəklənməsi üçün belə bir əsərin yaranması zəruri imiş. Dövlət quruluşu, dövlət başçısı necə olmalıdır, dövlət başçısı ilə rəiyyət, cəmiyyət ilə fərd arasındakı münasibətlər necə qurulmalıdır? Ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, allah və bəndə qarşısında başlıca vəzifəsi nədən ibarətdir? Poema bu gibi sorğulara cavab vermək üçün yazılmışdır. Dövlət başçısı və rəiyyət necə davranmalıdır ki, bu möhtəşəm Türk dövləti daha da çiçəklənsin, düşmən qarşısında sarsılmasın, öz milli istiqlalını, ərazi böyüklüyünü axıradək qoruyub saxlaya bilsin, ayrı-ayrı tayfalar, xanlar, dərəbəylər arasındakı didişmələrə son qoysun, onları düşmənə qarşı vahid bir cəbhədə birləşdirə bilsin – poema yaradıcısı bu gibi məqsədləri də aydınca izləyir, ən tutarlı, ən dürüst cavablarını verməyə çalışır.
Əzəmətli Kaşqar şəhərini (Ordukəndi) özünə paytaxt seçmiş Qaraxanlılar dövləti şimalda Balasaqun, qərbdə Səmərqənd, ortalıqda Özkənd Herat gibi böyük elm, sənət, ticarət, mədəniyyət, mərifət mərkəzlərinə malikdi. Yaradılan elmi, bədii əsərlərin çoxu ərəbcə, farsca idi, lakin tarixi gedişat, xalqın təfəkkür tərzi, mənəvi ehtiyacı məhz ana dilli doğma ədəbiyyatın yaradılmasını tələb edirdi. Poema yaradıcısı Yusif Xas Hacib Balasaqunlunun dahiliyi bundan ibarətdi ki, həmən ehtiyacı hamıdan öncə duymuş, böyük idrak gücünü, aşıb- daşan ilhamını doqmalıq üstündə kökləmiş və demək olar ki, öz dövrünün ensiklopedisi adlana biləcək möhtəşəm bir abidə yaratmışdır. Poemanın dil saflığı, arılıqı, ərəb-fars sözlərinin, yabançı kəlmələrin çox nadir hallarda, yalnız zərurət məqamlarında işlədilməsi göstərir ki, Balasaqunlu Yusif bəy Türkcənin incə bilicisi, təəssübkeşi, cəfakeşi və mətin qoruyucusudur. Poemadan bəlli olur ki, o, öz dövrünün bütün elmlərindən xəbərdardır. Tarixi, coqrafıyanı, ulduzşünaslıqı, ilahiyyatı, Quranı, fiqhi kamil bilir, ən başlıcası adı böyük hərflər ilə yazılmağa layiq insandır, müsəlmandır, haramı yaxın qoymayan, halallığa güvənən, öz gündəlik ruzusunu, səadətini daşdan çıxaran zəhmət xadimidir, hər iki dünya qarşısında üzüağdır.
Balasaqunda anadan olmuş Yusif Xas Hacib bu əsəri 50 yaşına əlvida dediyi çağlarda, 462-ci ildə (miladi hesabla 1069-1070) on səkkiz aya tamamlamışdır. Öz dövründə böyük nüfuz və şöhrət qazanmış dastanı çinlilər "məmləkətin ədəb aynası", maçınlılar "Zəkalar zinəti", iranlılar "Türkün şahnaməsi", şərq uluslarından bir çoxu "Ölkənin öyüdnaməsi", Türklər "Qutadqu bilik" (səadət gətirən elm) adlandırmışlar. Müəllif heratda bitirdiyi əsəri Kaşğara, Xaqan dərgahına, Tavğac Uluğ Buğra Qaraxan hüzuruna ərmaqan aparmış, təşəkkür və minnətdarlıq ifadəsi olaraq haciblik (vəzirlik) rütbəsi qazanmışdır.
"Qutadqu bilik" yalnız öz müəllifinin deyil, ümumən Türkcənin, Türk bədii təfəkkürünün əbədi və əvəzsiz heykəlidir. Aradan keçən doqquz əsr ərzində nə qədər şəhərlər, səltənətlər, imperiyalar, sultanlar xəritədən və tarixdən silinmiş, yerlə-yeksan olmuş, bu möhtəşəm abidə isə öz təravətini itirməmiş, bircə qönçəsinin də solmasına, tufanlara düşməsinə yol verməmişdir.
Poemadakı dörd qəhrəman müəllif idealını təcəssüm etdirir. Gündoğdu – ədalətin, Aydoldu (bədrlənmiş Ay) – bəxtin və dövlətin, Ögdülmüş (əqlə yetmiş) – əqlin, zəkanın, Ozğurmuş (oyanmış) – qənaətin timsalıdır. Bu dörd surətin arasındakı suallar, cavablar Qaraxanlılar səltənətinin başçısından, hakimindən tutmuş rəiyyətədək bütün təbəqələrin, zümrələrin, fərdlərin əxlaqını, ədəb qaydalarını, hərəkət, fəaliyyət xətlərini müəyyən edir. Buna görə poema öyüd, nəsihət, təlim-tərbiyə ruhu ilə doludur.
Əsərin varlığı XIX əsrin birinci yarısında bəlli olmuş, poemanın hicri 843-də (miladi 1439-da) Heratda Həsən Qara Sayil Şəms tərəfindən uyğur yazısı ilə köçürülmüş nüsxəsi Türkiyənin Toqat şəhərinə göndərilmiş, buradan isə hicri 879-da (miladi 1474-də) Əbdürrəzzaq Şeyxzadəyə ərməğan verilmək üçün Fənəri oğlu Qədi Əli tərəfindən İstanbula gətirilmişdir. Məşhur tarixçi və şərqşünas Xammer Purqştal onu satın almış, Vena saray kitabxanasına yetirmişdir. Bundan sonra əsər barədə birinci xəbər 1823-cü ildə fransız şərqşünası Jaubert Amedes tərəfindən jurnal məqaləsi biçimində yayınlanmışdır.
1870-ci ildə məşhur macar alimi Vamberi "Qutadqu biliy"in ən mühüm hissələrini "Uyğur dili abidələri və "Qutadqu bilik" adı altında almancaya çevirisi ilə birlikdə nəşr etmişdir.
1890-cı ildən etibarən məşhur rus şərqşünas alimi Radlov əsərin araşdırılması işinə girişmişdir. 1896-cı ildə kitabın ərəb əlifbası ilə köçürülməsi – ikinci nüsxəsi Qahirədə tapılmışdır. Onun dörd cilddən ibarət fotosurəti hazırda Özbəkistan Elmlər Akademiyasının şərqşünaslıq institutunda saxlanmaqdadır.
1913-cü ildə şərqşünas alim Vəlizadə Fərqanə ekspedisiyası zamanı Məhəmmədhacı Eşan Laləreşin şəxsi kitabxanasında "Qutadqu biliy"in ərəb əlifbası ilə yazılan nüsxəsi olduğunu elm aləminə xəbər vermişdir. Məşhur özbək alimi Fitrət bundan, – əsərin Nəməngən nüsxəsindən soraq tutunca 1924-də Məhəmmədhacı Eşan Laləreşdən nüsxəni almağa, Daşkənd kitabxanasına gətirməyə nail olmuşdur. Çox keçmədən "Maarif və oxucu" dərgisində Fitrətin Nəməngən nüsxəsinə dair məqaləsi basılmış, daha sonra poemanın ayrı-ayrı parçaları nəşr edilmişdir (1928).
Bundan sonra adlı-sanlı şərqşünas Malovun araşdırmalarında həmən nüsxənin ayrı-ayrı parçalarını, tərcüməsini, izahlarını, üç nüsxənin müqayisəli təhlilini görürük (1929).
"Qutadqu biliy"in öyrənilməsində Valitovanın xidmətlərini qeyd etmədən keçinmək olmaz. Şərq mədəniyyətini, Qaraxanlılar dövlətinin tarixini, bu tarixin öyrənilməsində "Qutadqu bilik" əsərinin rolunu, mövqeyini dürüst müəyyənləşdirməkdə Valitova türkologiya elminə böyük hədiyyə vermişdir. Bu gibi uğurlara baxmayaraq "Qutadqu bilik" ilə bağlı öyrənilməmiş cəhətlər hələ az deyil. Xüsusilə əsərin dilinə dair fikirlər hələ tam durulmamış, sabitləşməmişdir. Uyğur dili, altay dili, türk dili, "Qutadqu bilik" dili, Qaraxanlılar dili, Buğraxan dili gibi anlayışlar bu sahədə ən çox işlənən terminlərdir. Burası şəksizdir ki, kitabın dili o dövrdə yaşamış bütün türk qəbilələri üçün anlaşıqlı olmuş, onların hamısını eyni ədəbi dil ətrafında birləşdirmişdir. Əsərin ilk nüsxəsi hansı əlifba ilə yazılıb? S. E. Malov bunu ərəb yazısı adlandırır. Uyğur yazısı ilə köçürülmüş Vena nüsxəsi XV əsrin yadigarıdır.
Hələlik burası da cavabsız qalır ki, əsərin ön sözü və mündəricatı kim tərəfindən yazılıb? H. İ. İlminski ön sözün müəllif tərəfindən deyil, başqasının qələmilə yazıldığını iddia edir. Fitrət və başqa Avropa alimləri də bu fikirdədirlər. S. E. Malov isə bizi bu fikirdən sakındırır, böylə hesab edir ki, "Qutadqu bilik", "Türkün şəcərəsi", "Qisasül ənbiya", "Hibətül həqayiq" gibi əsərlərin ön sözü müəlliflərə məxsusdur, kitabı tərənnüm, vəsf məqsədilə yazmışlar.
Əsər hansı vəzndə yazılıb – bu sorğuya verilən cavablar türlüdür. Həcib Asim, A. Sədi gibi alimlər böylə hesab edirlər ki, poema Türk şeri üçün doğma vəzndədir, onbirlik hecanın əsasən 6-5 bölgüsü əsasında qələmə alınmışdır. Məşhur Türk alimi Mehmet Fuad Köprülü, özbək dahisi Fitrət isə iddia edirlər ki, "Qutadqu bilik" böyük İran şairi Firdovsiyə məhəbbətlə, əruzun "Şahnamə" vəznində yazılmışdır. Buradakı vəzn qüsurlarını isə o zamankı Türk əruzunun hələ tam büllurlaşmaması ilə izah etmək olar.
Bizim fikrimiz böylədir ki, "Qutadqu bilik"dən həm onbirlik hecaya, həm də əruza uyar bol-bol misallar gətirmək olar. Çox güman ki, əsər doğrudan da "Şahnamə" əruzunda nəzərdə tutulmuş, ancaq işin gedişində Türk təfəkkür tərzinin öz xüsusiyyətləri, öz tələbləri bu qəlibi dağıtmış, necə deyərlər doğmalıq ögeylik ilə çulğaşmışdır.
"Qutadqu biliy"in başlıca pafosu ideal cəmiyyətin, ideal insanın tərənnümündən ibarətdir. O, mövcud ictimai quruluşu rədd edir, damğalayır, mərdlərin, qəhrəmanların bu gün olmadığını, keçmişdə qaldıqlarını bəyan edir, ah çəkir, fəryad qoparır. Həyatda yeganə təsəllini elmi, həyatı, müxtəlif bilik, idrak sahələrini öyrənib mənimsəməkdə və allaha sığınmaqda, ibadətdə görür. Bu baxımdan əsərin adı diqqətəlayiqdir: "Qutadqu bilik" – səadət gətirən elm deməkdir. Deməli, insan həyatına yalnız elm, yalnız idrak gücü səadət gətirə bilər. Yusif Xas Hacibin dünyagörüşündə Fərabi, Əbu Əli ibn Sina gibi dahilərin fəlsəfi qənaətləri ilə səsləşən cəhətlər çoxdur. Hiss olunur ki, o, öz sələflərinin yaradıcılığını mükəmməl öyrənmiş, mənimsəmişdir. Yusifə görə maddi aləm ruhun qüvvəti əsasında yaradılsa da, öz qanunauyğunluqları ilə inkişaf edir, irəliləyir. O, daim yürüş, yeniləşmə halaldadır. Canlı-cansız bütün mövcudat, o cümlədən yeddi səyyarə, on iki bürc allah tərəfindən yaradıldığı halda, yuxarıda, aşağıda yer tutur və qarşıdurma qanunları əsasında hərəkət edirlər. Alimlər, təbiblər, ulduzçular, ziyalılar Yusif qələmində əlçatmaz yüksəkliyə qaldırılır, əzizlənir, böyük ilhamla tərənnüm olunurlar. Şair onların qədrini bilməyə, qiymətini verməyə çağırır. Yusif Xas Hacibin coşğun insansevərliyi, humanizmi kəndçilər, tacirlər, çarvadarlar, sənətkarlar, əkinçilər və başqa ixtisas sahibləri üstünə qoşduğu misralarda xüsusi bir qüvvətlə meydana çıxır.
Yalnız "Qutadqu biliy"in deyil, həmçinin Orxan-Yenisey abidələri, Turan yadigarları, uyğur əlyazmaları, "Divanü lüğətid türk", "Hibətül həqayiq", "Məhəbbətnamə", "Oğuznamə", "Təfsir", "Qisasül ənbiya" gibi möhtəşəm əsərlərin öyrənilməsində xüsusi xidmətləri olan P. M. Melioranski, V. V. Radlov, V Tomsen, E. E. Bertels, Fitrət, Mehmet Fuad Köprülü, S. E. Malov, H. A. Baskakov, İ. A. Batmanov, V. M. Nasilov, A. K. Borovkov, A. M. Şerbak, E. N. Nəcib, S. M. Mütəllibov, Q. Vamberi, Q. Kərimov, A. A. Valitova, N. İ. İlminski, Q. A. Əbdürəhmanov, A. P. Qəyyumov, H. S. Süleymanov, E. İ. Fazilov, Ş. Şükürov, Q. Mahmudov, İ. Qoşqartayev gibi alimlərin böyük xidmətlərini qiymətləndirmədən keçinmək olmaz.
Ayrı-ayrı millətlərə məxsus türlü alimlər qələmindən çıxmış bu rəngarəng araşdırmaları vahid bir məhvər ətrafinda birləşdirən sonuc bundan ibarətdir ki, olduqca qədim tarixə və zəngin ədəbi gələnəklərə malik Türk ədəbiyyatı böyük, universal bəşər mədəniyyətinin üzvü bir hissəsidir. Tamı və hissəni layiqincə öyrənmək və aralarındakı dialektik əlaqələri açmaq borcumuzdur. Bu zərurəti aydın dərk etdiyim üçün "Qutadqu biliy"i çağdaş Azərbaycan Türkcəsinə uyğunlaşdırmağı lazım bildim.
Bakı, 22 may 1994.
MƏRHƏMƏTLİ, MEHRİBAN TANRININ ADI İLƏ
Həmdü səna, şükürlər və alqışlar olsun ən əziz, ən ulu Tanrıya ki, böyüklük sahibi, ən qüvvətli padşahdır, yeri-göyü yaradandır, bütün nəfəs alanlara ruzu verəndir. O nə istəsə qılar, nəyi istəsə yerinə yetirər, yafəlü ma yaşay və yahkəmu ma yurid (Yəni nəyə istəsə qəsd edər, nəyə ixtiyar qılsa hökm edər). Beləliklə, adamlar arasında əzəmətlə ucalmış Tanrının rəsuluna sansız salamlar olsun. Rəsulun səfdaşları olmuş əziz və qiymətli səhabələr üzrə, rizvan allahu əleyhüm əcməinə (yəni onların hamısının üstünə Tanrının razılığı saçılmışdır).
Bu kitab olduqca əzizdir. Çin alimlərinin məsəllərilə yaradılıb. Maçin şairlərinin şerləri ilə bəzənmiş bu kitabı oxuyan, bu beytlərin mənasını anlayan kişi kitabdan da əzizdir. Maçin alimləri, şairləri bu qərara gəldilər ki, Gündoğan vilayətində, Türküstan ellərində Buğraxan dilində bircə kimsə bu kitabdan yaxşı kitab yaza bilməz. Bu kitab hansı padşahlığa, yaxud hansı iqlimə yetsə, hədsiz yaxşılığından, son dərəcə cazibəli olduğundan həmin ellərin alimləri qəbul edib hər birinə müxtəlif ad, ləqəb verdilər. Çinlilər "ədəblər mülkü" dedilər. Maçin malikinin nədimləri "Məmləkətin aynası" adlandırdılar. Gündoğanlılar "Zinətül üməra", İranlılar "Türkün şahnaməsi" adı verdilər. Bu yolla bəziləri bu kitabı "Məmləkətin nəsihətnaməsi", turanlılar isə "Qutadqu bilik" (səadət gətirən elm) adlandırıblar. Kitabın tərtibçisi Balasaqunda doğulan, pəhriz sahibi (yəni dözümlü, səbrli, qənaətcil bir kişidir). Kitabı Kaşğarda bitirib Gündoğan məliki Tavğaçxan dərgahına gətirmişdir. Məlik onu əzizləyib, dəyərləndirib öz sarayında Xas Hacib etmişdir. Buna görə Yusif ulu Xas Hacib adı məşhur olub dünyaya yayılmışdır. Kitab bu fəzilətlərilə qiymətlidir. Biri – ədl, ikincisi – dövlət, üçüncüsü – əql, dördüncüsü – qənaət. Yəni bunların hər birinə Türkcə bir ad verilib. Yazar ədlə Gündoğdu adı qoyub ki, padşahdır, dövlətə Aydoldu adı verib ki, vəzirdir, əql üçün Ögdülmüş adını seçib ki, vəzirin oğludur, qənaətə Ozğurnuş adı qoyub ki, Ögdülmüşün qardaşıdır. Böyləliklə onların arasındakı hekayəni sual-cavab şəklində qurmuşdur. Qoy oxucunun könlü açılsın, müsənnifi özgü dualar ilə yad qılsın, inşallah.
1. Hamıdan, hər kəsdən üstündür xuda,
Tək ona yaraşır dua-səna da.
2. Böyüklük sahibi zülcəlal odur,
Yaradan, törədən, pürkəmal odur.
3. Odur yerin-göyün, xəlqin yiyəsi,
Nuş elə sənindir min bir töhfəsi.
4. Ondan ruzu alar aləmdə hər kəs,
Hamını yedirər, tək özü yeməz.
5. Yedirər, içirər, ac qoymaz heç vaxt,
Hər nəfəs sahibi onunla xoşbəxt.
6. O kimi istəsə şan-şöhrət verər,
Ləyaqət, əzəmət, şücaət verər.
7. Seçmə rəsulunun minnətdarıyam,
Dörd böyük kimsəyə salam, ehtiram.
8. Məhəmməd peyğəmbər xilqətin başı,
Göz-qaşı, varlığı, can çırpınışı.
9. Bu kitab nə qədər müqəddəs, əziz,
Biliklər dənizi, ən təmiz dəniz.
10. Ondadır bərəkət, hər qədri qiymət,
Ülviyyət, səadət, şükrü qənaət.
11. Gör necə düzülüb alimlər sözü,
İnci sandığıdır, zəka güzgüsü.
12. Məşriq məlikləri, Maçin bəyləri
Seçib bircə-bircə dürrü, gövhəri.
13. Kitabmı, sal qaya, yoxsa xəzinə?
Dürdanə taparsan, düşsən izinə.
14. Alimdən alimə irsdi, nə yaxşı,
Min dəfə oxuya, anlamaz naşı.
15. Al oxu, bərq vursun ovcunda almaz,
Heyif, bəzi türklər vecinə almaz.
16. Kitabdan feyz alan – özgə bir cahan!
Bu həddə bəlkə də ucalmaz yazan.
17. Bu kitab göz nurun, könül çırağın,
Hər iki dünyada arxan, dayağın.
18. Maçin alimləri, Çin həkimləri,
Onun heyranıdır haçandan bəri.
19. Dolaş Türküstanı, Məşriqi çox-çox,
Cahanda bu qədər ülvi kitab yox.
20. Kitabın qədrini bilənlər bilər,
Hardandır nadanda o cürə hünər?
21. Ey dost, hər naşıya vermə kitabı,
Vermə, yoxsa onda eşq inqilabı.
22. Onu biliksizlər dərk edə bilməz,
Əzizlər, oxşayar zəka saçan kəs.
23. Buğraxan dövründən alıb sürünü,
Xan dili, xan ruhu, xan ölçüsünü.
24. Bu cür kitabı heç olubmu yazan?
Kimdə var bu ilham, bu ruh, bu lisan?
25. Kimin bal saçılıb qaymaq dilindən,
Əyilib öpərəm onun əlindən.
26. Başda bir ad verib ona hər şəhər,
Yerdəki, göydəki ariflər, ərlər.
27. Hər elin, hər yurdun biliciləri,
Alıb sapa düzmüş bu inciləri.
28. Çinlilər ad verib "Mülkün ədəbi"
Maçunlı "Ənisul məmalik" deyib.
29. Şərqdə heyranları görün nə qədər,
"Zinətül ümara” demiş çinlilər.
30. "Şahnamə" söylədi İranlı ona,
"Qutadqu bilik"dir şöhrət Turana.
31. Dildə, təfəkkürdə min-min möcüzə,
Gəlib bu kitabda çıxmışdır üzə.
32. Zor imiş kitaba ad verən ustad,
Tanrısı yar olsun, açsın qol-qanad.
33. Türkcənin qüdrəti, cürəti, əzmi,
Bu gözəl kitabın bayramı, bəzmi.
34. Bu kitab hər kəsin dərdinə qara,
Dayaqdı illah ki, hökmdarlara.
35. Mülk alan sultanlar daim qayğılı,
Nə cür oturmalı, nə cür durmalı?
36. Dövləti qurmağı öyrənməlidir,
Ona nələr məchul, nələr bəllidir.
37. Qalxır, abad olur, sökür də dövlət,
Tərəqqi, tənəzzül ən böyük heyrət!
38. Nə cür qanad tapır qəhrəman ordu
Nə cür xilas edir əzilən yurdu?
39. Açıb bu kitabda yerin dibini,
Vermişəm hər şeyin öz tərtibini.
40. Dövləti ucaltmaq istəyən kişi,
Yalnız müdriklərə tapşırar işi.
41. Gərəkli, ürəkli, səxavətli ər,
Min-min şüa saçan qəmərə bənzər.
42. Qüdrətli şahlarda xalqın haqqı var,
Xalqı ucaldanlar daim ucalar.
43. Şaha qüdrət versin rəiyyət gərək,
Şah xəlqi qorusun göz bəbəyitək.
44. Döyüşə mərdanə qılınc tutmağı,
Ordunu qaldırıb cəngə atmağı
45. Nə cür darmadağın edib atmağı,
Əzməyi öyrətdim, başa düş məni.
46. Göstərdim kitabda hər bir tədbiri,
Xalqı xilas edən hərbi tədbiri.
47. Qüdrətli sultanı çox sevər ellər,
Üzünü görməyi təbərrik bilər.
48. Şah gərək ucaltsın xidmət əhlini,
Dərgahdan qovlasın illət əhlini.
49. Tanısın dürüstü, nadürüstü də,
Alov boğulmasın küldə, tüstüdə.
50. Burda yırtıcı da, baş kəsən də var.
Canını verməyə tələsən də var.
51. Cəsur, vəkalətli, qəhrəman ürək,
Nə umar: dağ boyda xəzinə gərək.
52. Şahın rəiyyətə varsa rəğbəti,
Gedər əziyyəti, olmaz möhnəti.
53. Sultan, ucuz tutma nəsihətimi,
Dua qıl, alqışla bu adətimi.
54. Nəzər sal, anla ki, kitab yazan ər,
Ən böyük sərvərdi, ən böyük hünər.
55. Şah bəxtiyar olar, gedər irəli,
Dərk etsə öydüyüm fəzilətləri.
56. Anlayar cahanda nədir kişilik,
Mərdlik, pakizəlik, əndişə, bilik.
57. Əslimdən, nəslimdən söz açır dilim,
Nə cür çiçəkləndi vətənim, elim.
58. Öz doğma elimdən çıxandan bəri,
Yazdım, tamamladım bu şah əsəri.
59. Yetirdim kəmala Kaşğar elində,
Verdim hər vəsfini ana dilində.
60. Xanlar xanı Tavğac Qara Buğranın,
Önündə səsləndi şerim, dastanım.
61. Verdi qələm haqqı, ənam mükafat,
Məni əzizlədi o qüdrətli zat.
62. Mənə xas haciblik ünvanı verdi,
Yaxınlıq, doğmalıq imkanı verdi.
63. Yusif xas hacibi əzizlədilər,
Sayıldı hünərvər, müdrik, mötəbər.
64. Bu kitab – şairin müqəddəs yükü,
Xəlqə nişan verir dörd təbərrükü.
65. Birinci ədalət – haqqın əsası,
İkinci dövlətdir – iqbal arxası.
66. Üçüncü – idrakdır insana şöhrət,
Dördüncü – qənaət, məğzində səhhət.
67. Mənəm nişan verən nədir səadət -
Ədalət, qənaət, təfəkkür, dövlət.
68. Verdim ədalətə Gündoğdu adı,
Şahlıq, sultanlıqdır onun muradı.
69. Vəzirlik mövqeyi tutan Aydoldu,
Doğrudan dövlətin dayağı oldu.
70. İdraka vermişəm Ögdülmüş adı
Vəzirin oğludur, əqlin ustadı.
71. Ozğurmuş adını aldı qənaət,
Yaxındır vəzirə bu ülvi xilqət.
72. Kitabın məğzidir bu dörd fəzilət,
Yazıb bitirmişəm, qanımda qeyrət.
73. Ərəbcə, tacikcə bu cür kitab çox,
Bizim dilimizdə heyhat misli yox.
74. Bunun qiymətini bilənlər bilir,
Bu cür zəkalara arif deyilir.
75. Türkcə təranələr qoşmuşam sənə,
Oxu da, unutma, dua qıl mənə.
76. Mən ötdüm aləmdən, sən eşit özün,
İbrət al, qüdrət ol, açılsın gözün.
77. İlahi, aləmdə hər kəsə yar ol,
Möminə ruzu ver, ilk pərəstar ol.
FƏSİLLƏR SADALIĞI:
1. Kitabın başlanğıcı, yeddi planet, on iki bürc.
2. İnsanın qədri, qiyməti.
3. Dilin xislətləri, faydası, zərərləri.
4. Kitab yazarı öz üzrünü bildirir.
5. Öyüdünü, nəsihətini söyləyir.
6. Bilik, oxu fəzilətlərini, faydasını anladır.
7. Kitabın düzülüşünü, yazarın yaşını aytır.
8. Qılıq, əhval pozuqluğunun zərərlərini aytır.
9. Kitabın başı, Gündoğdu, ədalət üstünə söz.
10. Aydoldu Gündoğdu hüzuruna gəlmiş.
11. Aydoldunun Gündoğdu xaqanla görüşü.
12. Aydoldu dövlət xadimi olduğunu bildirir.
13. Yenə dövlətin sifətlərini, fəzilətlərini aytır.
14. Dövlətin vəfasızlıqı, gəldi-gedər olması.
15. Gündoğdu Aydolduya özünü tanıtdırır.
16. Gündoğdu ədl sifətini biliyilə nişan verir.
17. Aydoldunun Əlik bəyə sualı.
18. Əlik bəyin Aydolduya cavabı.
19. Danışmaq yaxşımı, yoxsa susmaq?
20. Qutun ağmalığını, dövlətin vəfasızlığını aytır.
21. Aydoldunun oğluna nəsihəti.
22. Aydoldunun Əlik xaqana öyüd kitabı.
23. Əlik xaqanın Ögdülmüşü öz hüzuruna çağırması.
24. Əlik xaqanın ögdülmüşə sualı,
25. Ögdülmüşün Əlik xaqana cavabı.
26. Oxunun (mütaliənin) yeri.
27. Bəylər necə olmalıdır.
28. Vəzirlər necə olmalıdır.
29. Qoşun başçıları necə olmalıdır.
30. Haciblər necə olmalıdır.
31. Pərdədərlər necə olmalıdır.
32. Elçilər nccə olmalıdır.
33. Baş katib – yazıçı necə olmalıdır.
34. Xəzinədar necə olmalıdır.
35. Dəstirxançılar necə olmalıdır.
36. Şərabçılar necə olmalıdır.
37. Bəylərin xidmətkarlara borcu.
38. Əlik bəyin Ögdülmüşə sualı.
39. Gündoğdunun Ozğurmuşa məktub göndərməsi,
40. Ögdülmüşün Ozğurmuş ilə konuşması.
41. Dünyanın fəzilətləri, faydası, zərərləri.
42. Dünyanın qüsurları, eyibləri.
43. Fani dünyada baqiliyi qazanmaq yolları.
44. Əlik məktubunun cavabını göndərir.
45. Əlikin Ögdülmüşü Ozğurmuşun yanına ikinci
gəz göndərməsi.
46. İkinci konuşmanın bəyanı.
47. Bəylər xidmətinin qanun-qaydaları.
48. Saraydakı qapıçılar ilə rəftar.
49. Evlənmə, oğul-qız tərbiyəsi necə olmalıdır.
50. Rəiyyətlər ilə rəftar.
51. Qonaqlığa getmək, getməmək haqqında.
52. Süfrə başında ədəb qaydaları.
53. Yığıncağa dəvət qaydaları.
54. Fani aləmdən üz döndərib baqiliyə can atma.
55. Qafillikdən oyanmağın boyanı.
56. Əlik Ögdülmüşü ziyarət üçün adam göndərir.
57. Ozğurmuşun Əlik hüzuruna gəlişi.
58. Ozğurmuşun Əlik bəyə öyüdü.
59. El abadanlığının mənfəətləri.
60. Ögdülmüşün vaysınıb tövbəyə dayanışı.
61. Yaxşılığa yaxşılıq.
62. Ozğurmuş xəstələnir. Ögdülmüşü çağırtdırır.
63. Ozğurmuşun yuxu görməsi,
64. Ögdülmüşün qardaşına sarı getməsi.
65. Fani dünyaya vurulub yaşayışı zay etmək haqqında.
66. Dövranın gəldi-gedərliyi, dostların cəfası.
MƏRHƏMƏTLİ, MEHRİBAN TANRININ ADI İLƏ
1. Yüz min alqış sənə, ey pərvərdigar,
Vahid, ulu Tanrı, fənadan kənar.
2. Sehrinlə yaratdın ənginlikləri
Ərzi, al günəşi, ayı, ülkəri.
3. Qadirsən, "Ol" dedin, oldu bu dünya,
Yer-göy, varlıq, hər şey hökmünlə əhya.
4. Bütün varlıqların dərdi var ikən,
Dərdsiz və şəriksiz yalnız özünsən.
5. Ey qadir, ey azad, əbədi ustad,
Səndən özgəsinə yaraşmır bu ad.
6. Böyüklük, qadirlik yalnız sənə xas,
Vahidsən, ölməzsən, mislin tapılmaz.
7. Varmı tayın, mislin? Yox… yeganəsən,
Əzəllər əzəli, sonsuzsan, əhsən.
8. Sıqmır təsəvvürə yeganəliyin,
Hər kəsə pay verir azadəliyin.
9. Şəksiz yeganəsən, ey ölməz ata
Nə təftişə sığdın, nə kainata.
10. İç sirri, dış sirri göstərən mayak,
Könlümə yaxınsan, gözümdən uzaq.
11. Ay və Günəş gibi işıq saçırsan,
Varmı varlığını dərk edən insan?
12. Şeyxlər yığını yox, vahidsən ey pir,
Özün yaratmısan, hər şey sənindir.
13. Hər şey gəldi-gedər… sənsə daim sağ,
Yaradan, yaşadan özünsən ancaq.
14. Hər bir yaranmışın yanında şahid,
Özün şahidsizsən, ey ulu vahid.
15. Tanrının oxşarı, tayı, misli yox,
Hansı idrak onu qavramış az-çox?
16. Nə gəzər, nə yatar… daim oyaqdır,
Misli, bənzəri yox… olmayacaqdır.
17. Nə sağda, nə solda, nə əvvəldədir,
Nə altda, nə üstdə… yersizmi o pir?
18. Məkanı yaratdı… öz məkanı yox,
Onsuz heç bir kəsin bir imkanı yox.
19. Ey hər sirrə yaxın, hər qəlbə əziz,
Surətlər, şəkillər səndədi şəksiz.
20. Sənin yaratdığın dağlar, dənizlər,
Ucalar, çökəklər, çöllər nə qədər!..
21. Sənindir göy səma, min-min Ay, ülkər,
Qaranlıq gecələr, aydın gündüzlər.
22. Uçanlar, gəzənlər, nəfəs alanlar,
Səndən ruzu tapıb oldu bərqərar.
23. Ərşdən başlamış nəm torpağacan,
Atam, sən vermisən hər canlıya can.
24. İmanı kamil tut, ey haqqa tapan,
Bir olan Tanrıya elm ilə inan.
25. Sən soruşma onun necəliyini,
"Amin!" de, dərk elə incəliyini.
26. Hardadır, nə cürdür, sorma maraqla,
Yerdəmi, göydəmi, özünü saxla.
27. Əfv et suçlarımı ey ucam-ulum,
Sən dərdsiz ağamsan, mən dərdli qulun.
28. Sənə sığınmışam, sənsən pənahım,
Darda əlimdən tut, ey qibləgahım.
29. Yetirsin peyğəmbər mənə özünü,
Yapışsın qolumdan qiyamət günü.
30. Salam, dörd eşinə, yüz min salamlar,
Onlara həmişə məhəbbətim var.
31. Göstər qiyamətdə o pak üzləri,
Bizə yol göstərsin müdrik sözləri.
32. Vəsfinə acizəm, ey canım-gözüm,
Həmdini özün qıl, tükənir sözüm.
PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN FƏZİLƏTLƏRİ
33. Tanrı elçisiydi Həzrət peyğəmbər,
Xəlq içrə mötəbər, kişilikdə ər.
34. Məşələ çevirdi zülmət gecəni,
Hüsnünün nuruna qərq etdi səni.
35. O xəbər gətirdi pərvərdigardan,
Doqru yola çıxdın, sən ey qəhrəman.
36. Ata-anasını fəda qıldı o,
Yalnız ümmət üçün açdı doğru yol.
37. Nə gündüzlər yedi, nə gecə yatdı,
Tək səni tanrıdan sordu, ucaltdı.
38. O sənin uğrunda çox çəkdi nalə,
Sən ona həmd qıl, səadət dilə.
39. Bütün qayğıları ümmət üçündü,
Ümmətin uğrunda, məşələ döndü.
40. Atadan, anadan yaxın, mehriban,
Ümməti sorardı yalnız Tanrıdan.
41. O el səadəti, allah zəhməti,
Tanrı vergisiydi xülqü, xilqəti.
42. İpək təbiətli, əliaçıq, mərd,
Qılıqlı, mehriban Həzrət Məhəmməd!
43. Hanı yerdə, göydə o qədər əziz?
Tanrı qarşısında hörməti hədsiz.
44. Bütün başçılara bir göz işığı,
Bütün peyğəmbərlər ondan aşaqı.
45. Mən onun yoluna könül bağladım,
Qövmünü, hökmünü bərk qucaqladım.
46. Özün ehtiyat tut mənim könlümü,
Onunla oyanım qiyamət günü.
47. İlahi, əlimdən özün yapış gəl,
Bədirlənmiş Ay tək gördüm üzünü.
PEYĞƏMBƏR SƏHABƏLƏRİNİN, RİZVANALLAHİ ƏLEYHİM FƏZLLƏRİ
48. Alqışa layiqdir onun dörd eşi -
Məsləhət məbədi, ülfət günəşi.
49. İki qaynatası, iki damadı,
Xəlqin sevimlisi, qolu, qanadı.
50. Hamıdan birinci, öndəydi Atiq,
Gözü-könlü doğru, Tanrıya sadiq.
51. Malım da, canım da qurbandır! – dedi,
Yalnız rəsuluna sevinc dilərdi.
52. Hələ xalq əsilli Faruq adlı ər -
Dilində yaşardı qəlbindəkilər.
53. Xəlqə şəriəti nişan verərək,
Qaldırdı pərdəni, göstərdi örnək.
54. Sonra Osman gəldi, o ülvi xilqət,
Kişilər kişisi, əliaçıq, mərd.
55. Cüt qızını verdi peyğəmbər ona,
Osa canını da öz rəsuluna.
56. Hələ həzrət Əli – mərdlik məşəli,
Əqlinə təslimdi qılınclı əli.
57. Comərd, əliaçıq, himməti uca,
Bilikli, tədbirli, gənc ikən qoca.
58. Dinin, şəriətin dayağıdılar,
Onlara zülm etdi kafər o ki var.
59. Bu dörd eş mənimçin dörd mizac gibi,
Verdilər qəlbimi, diriliyimi.
60. Üzümü tutmuşam pərvərdigara,
Min salam yetirir məndən onlara.
61. Onlara səadət, sevinc verim mən,
Qiyamət günündə tutun əlimdən.
ŞÖVKƏTLİ, ZƏFƏRLİ, MƏDƏDLİ, HƏQİQƏT VƏ DİN DAYAQI TAVĞAÇ ULU BUĞRA QARA XAN ƏBA ƏLİ HƏSƏN BİNNİ ARSLAN XAN RƏHMƏTULLAHİ ƏLEYHİM ŞƏNİNƏ
62. Öncə Şərqdən əsdi bahar yelləri,
Sonra ətir saçdı cənnət gülləri.
63. Deyəsən bir azca boz idi dünya,
Əlvan rənglər ilə bəzəndi dünya.
64. Çəkdi dövlət yayı səfalı bahar,
Qışa hökm elədi: – kənar ol, kənar.
65. Günəş şölə çəkdi, qayıtdı yenə,
Balıq quyruğundan Quru bürcünə.
66. Necə ətir saçdı ağaclar, ləklər,
Al, sarı, qırmızı, yaşılca rənglər.
67. Yaşıllıq pərdəsi tutdu hər yanı,
Tavğac yola saldı Çin karvanını.
68. Necə zənginləşdi dərələr, dağlar,
Al, yaşıl geyindi bağçalar, bağlar.
69. Güldü, qah-qah çəkdi türlü çiçəklər,
İpar, kafur ətri dənizlər qədər.
70. Qərənfil nəfəsli səba küləyi,
Daqıtdı aləmə mişk, ipar iyi.
71. Tutmuş yeri-göyü qırqovul, ağquş,
Qaz, ördək sədası nə xoş olurmuş.
72. Göydə cəh-cəh vurur duma qatarı,
Dəvə karvanımı nazlı uçarı?
73. Eşini çağırır ilarquş yalqız,
Yoxsa sevdiyini haraylayır qız?
74. Kəklik qəhqəhəsi düşür dağlara,
Ağzı qan gibidir, qaşı qapqara.
75. Göydə qağıldayan qara qarğalar,
Yerdə qəmzə satan qızamı oxşar?
76. Gülşəndə sonalar-bülbüllər ötər,
İbrani surunu çalar sərasər.
77. Əliklər, cüyürlər çəmən nəfəsli,
İnəklər, buğalar ülfət nəfəsli.
78. Göylər göz yaşıyla dedi sözünü,
Güllər qah-qah çəkib açdı üzünü.
79. Mənə tənə vurdu dünya gülnəfəs,
– Xaqanın üzünü görmədinmi bəs?
80. Bəlkə yuxlayırsan, dur, aç gözünü,
Bəlkə eşitmirsən, eşit sözümü.
81. Neçə ildən bəri məyus, dul idim,
Atdım dul donumu, ağ libas geydim.
82. Ulu xaqan oldu bəyim… bəzəndim,
Uğrunda canım da qurbandır, dedim.
83. Bulud gumbuldadı, davul döyərək,
Xaqan qılıncıtək bərk vurdu şimşək.
84. Qılınc yıldırımlar sıyırdı qından,
Dağlar silkələndi qışqırığından.
85. Aləmi fəth etdi Tavğac Buğraxan,
Ona peşkəş olsun qoy iki cahan.
86. Ey dinin şövkəti, haqqın qılıncı,
Dövlətin dayağı, millətin tacı!
87. Bayat hasil etdi diləklərini,
Bayat mədədkarın hifz etsin səni.
88. Ey dünya cəmalı, dövlət dayağı,
Arslan tərpənişli haqqın bayrağı!
89. Bəxt sənə əl verdi, fələk qılınc – qın,
Bəxtini, təxtini Tanrı saxlasın.
90. Aləm aram tapdı xaqanı görcək,
Rəng-rəng ərməğanlar göndərdi fələk.
91. Çıxdı od yuvadan aləm quş təki,
Rumun qeysərləri, hindin rajlakı.
92. Mədh edib, şad olub qucaqlaşdılar,
Sevinc taxta çıxdı, aşıb-daşdılar.
93. Bürüdü aləmi nə qədər çiçək,
Dağ-dərə, çöl-çəmən çiçəkdən göyçək.
94. Xoşdur qönçə-qönçə ətir saçanlar,
Yaşıla ağ üzlə qapı açanlar.
95. Çiçək var – alovlu qəlyan çəkmədə,
Çiçək var, göbəyi mişg tökmədə.
96. Şərqdən ərmağanlar daşıyan da var,
Qərbdən xidmət üçün gələn can da var.
97. Bəxt gəlib qapıya xidmət etməyə,
Qapılar açılır, hörmət etməyə.
98. Yazın xidmətilə fəxr etdi topraq,
Düşmən boyun əydi, təslim olaraq.
99. Xaqan davulları kükrədi, daşdı,
Görməyən gözlərin uyğusu qaçdı.
100. Aləm aram tapdı, yol açdı bəxtə,
Xaqan ədaləti çıxardı təxtə.
101. Səxavət üzünə tamarzı qalan,
Qoy gəlib xaqanı görsün yaxından.
102. Cəfasız, vəfalı kişi istəsən,
Onun gözlərinə diqqət yetir sən.
103. Nəf umsan, düşmədən borca, ziyana,
Bəri gəl, xidmət qıl, könül ver ona.
104. Xoşrəftar, mülayim, mehriban, adil,
Aqil ər özüdür, özgəsi deyil.
105. Ey gözəl xilqətli, müqəddəs uruğ,
Var olun, qalmasın aləm qupquru.
106. Ey Türklərin bəxti, şükr etmək gərək,
Sənə dövlət verdi, çin verdi fələk.
107. Atalar sözündə bir təbir də var:
Atanın köhləni övlada qalar.
108. Min hədiyyə vermiş sənə bu aləm,
"Qutadqu bilik"dir mənim hədiyyəm.
109. Növ-növ ərmağanlar keçəri, əbəs,
Mənim ərmağanım əbədi, ölməz.
110. Mal-dövlət tükənir axar su gibi,
Söz əbədi qalır, gəzir aləmi.
111. Yazıldı kitaba xaqanın adı,
Demək, kitabla bir əbədi qaldı.
112. Ya rəbb, mədədkar ol hər işdə ona,
Daim dövlət quşu qonsun başına.
113. Dostunu uca tut, düşmənini yıx,
Sevinci bol olsun, dərdi azacıq.
114. Qoy yağsın yağışlar, güllər açılsın,
Bağlar yaşıllansın, ətir saçılsın.
115. O tapsın bəxtini, sınmasın qaşı,
Əyilsin önündə düşmənin başı.
116. Boz yer olmayınca mis gibi qızıl,
Ovcu lalə-lalə, bağrı yamyaşıl.
117. Türk təxti, türk bəxti yaşasın, gülsün,
Onu görməyənin gözü tökülsün.
118. Gözündə qalmasın bir dilək, arzu,
Ucaltsın başını mədədkar özü.
119. Xalqına fəxr ilə həmdəm kəsilsin,
Bir Loğman ömrünü yaşaya bilsin.
YEDDİ SƏYYARƏ VƏ ON İKİ BÜRC
120. Yaradan, boy verən, əfv edən ağam,
Mübarək adınla sözə başlaram.
121. Könlüncə yaratdın sonsuz aləmi,
Günəş, Ay – işıqlı cüt salxım gibi.
122. Yaratdın fələyi – dolanar, dönər,
Ulduzu gah yanar, gah lapdan sönər.
123. Özünsən xəlq edən min-min ülkəri,
Zülmət gecələri, ağ gündüzləri.
124. Bu mavi səmada ulduzlar rəng-rəng,
Biri yolgöstərən, biri bərbəzək.
125. Biri bəşər üçün yaranmış ancaq,
Biri yol itəndə olur şam-cıraq.
126. Biri lap zirvədə, biri aşağı,
Biri od, birinin kəmdir işığı.
127. Hamsından ucada Zühəl-Sekantir,
Bir bürcdə iki il səkkiz ay gəzir.
128. İkinci ulduzun adı Onaydır[7 - Onay – Müştəri.],
Bir bürcdə duruşu ən iki aydır.
129. Üçüncü adlanır Körüd-Mərrix, Mars,
Hara baxsa görər yaşıl, göy, ətlaz.
130. Dördüncü adlanır Yaşıq, ya da Şəms,
Gözü qamaşdıran, özü müqəddəs.
131. Beşinci Nahiddir, ya Zöhrə, Sevil,
Sevib baxsa, şad ol, özünü ovut.
132. Yanında dörd tarid – Arzu ulduzu,
Kimə yaxınlaşsa bənd olur özü.
133. Altında Ay gəzər – ilk adı Yalçıq,
Günəşi görəndə tapar aydınlıq.
134. On iki bürc də var, hərəsi bir zər,
İki xanəlilər, tək xanəlilər.
135. Quru – Yaz ulduzu, Ud da çırağban,
Erəndız – Jevzadır, Kürük – Səratan,
136. Sünbülə Arslana – Şirə həmnəfəs,
Ülgü – Mizan, Çazan – Əqrəb, Yay da Qövs.
137. Oqlaq-Jadiy, Qonaq-Dəvə, Balıq-Hut,
Doğarkən görünməz saf göydə bulud.
138. Üçü-yaz ulduzu, üçü yayınkı,
Üçü-payızınkı, üçü qışınkı.
139. Üçü-od, üçü su, üçü-havadır,
Üçü topraq oldu, dərdə şəfadır.
140. Bir-birinə yağı ulduzlar da var.
Gah hücum çəkdilər, gah barışdılar.
141. Qarışmaz, yarışmaz yağı ulduzlar,
Görüşməz… yadların qisas hissi var.
142. Gör yaradan Tanrım necə yaratdı,
Aləm yaraşıqlı… əlvan həyatlı.
143. Yetər… izn verin insandan deyim,
İnsanın sambalı – idrak və elm.
İNSANIN QƏDRİ ELMİ İLƏ BİLİNİR
144. Mükəmməl yaratdı insanı Tanrım,
Ona bəxş elədi hünər, bilik, fəhm.
145. Ona könül verdi, bir də rəvan dil,
Əndişə, xülq, həm də gözəl qılıq, fel.
146. İnsan tilsimləri sındırsın deyə,
Ona fəhm, bilik verdi hədiyyə.
147. Bayat kimə verdi əql, idrak, bilik,
Çıxdı ürcahına min-min gözəllik.
148. Biliyi qudrət say, fəhmi də ulu,
Ən böyük insana döndərir qulu.
149. Mən isbat edirəm, diqqət kəsil sən,
Dinlə nə deyirəm, söz götür məndən.
150. Zəka kimdədirsə ulu da odur,
Bilikli bəşərin böyük oğludur.
151. Elminə, fəhminə söykənir deyə,
İnsan çata bilir min-min diləyə.
152. Bilikli kişidən bəla uzaqdır,
Heç vaxt dar ayaqda qalmayacaqdır.
153. Elmsiz kişini tez haqlayır dərd,
Ölür, yox olmursa dərd, ələm, illət.
154. Gəl-gəl, ey biliksiz, öz çarəni bil,
Elmsiz alçaqsan, elmli – aqil.
155. Elm – barlı bağdır… ona yetiş sən,
Çatarsan nə qədər mətləbinə sən.
156. Qalxır, zəka əhli ucalır qat-qat,
Elmilə sayılır ən əziz ustad.
157. Bəylər nə cür aldı dövranı ələ -
Yalnız zəka ilə, yalnız elm ilə.
DİLİN FƏZİLƏTİ, FAYDASI VƏ ZƏRƏRİ ÜSTÜNƏ
158. Elmin, təfəkkürün dilmancıdır dil,
Kişini bəxtinə dil çatdırır, bil.
159. Kişini əzizlər, ucaldar da dil,
Yarar ər başını, qocaldar da dil.
160. Ağız qəfəsində dil bir ac arslan,
Özünü parçalar uçsan, buraxsan.
161. Dilindən dad çəkən görün və deyir:
Dilini qısmayan taparmı xeyir?
162. Çox bəlaya saldı öz dilim məni,
Başım kəsilməmiş kəsin dilimi.
163. Sözünə sərhəd qoy, batmasın başın,
Dilini dişlə ki, sınmasın dişin.
164. Sakin el dilindən… budur çətini,
Fitnəkar paxıllar çeynər ətini.
165. Tanrı cila verdi dilə, ağıla,
Mərd ol, dil yiyəsi, başını saxla.
166. Özünə rahatlıq, dinclik diləsən,
Dilindən silahsız söz çıxarma sən.
167. Elmli kişilər elmin güzgüsü,
Öz başını yeyər nadanın sözü.
168. Sözün çoxluğunda məna görmədim,
Gəvəzə natiqə xeyirsiz dedim.
169. Sözü çox çeynəmə… az çığır-bağır,
Yüz söz tilsimini bircə sözlə qır.
170. Söz deyənin başı göylərə dəyər,
İfrayt söz insanı alçaldar, əyər.
171. Eldə hörmətsizdi boş danışanlar,
Fəqət "lal" deyilən bir damğa da var.
172. İndi ki, böylədir… sözdə dürüst ol,
Nitqin yığcam olsun, zəka gücün bol.
173. Dilini saxlayan başını saxlar,
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336830) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Yusif Balasaqunlu, "Qutadqu bilik" – "Xoşbəxtliyə aparan elm" (Türkiyə 3 türkcəsində və özbək türkcəsindən istifadə etməklə Xaqaniyyə türkcəsindən çevirənlər, ön söz və qeydlərin müəllifləri prof. Kamil Vəliyev və Ramiz Əsgər), Azərnəşr, Bakı, 1994.
2
1.Qafesoğlu. "Qutadqu bilik" və Kültür tariximizdəki yeri, İstanbul, 1980, s.4.
3
R.R. Arat "Qutadqu bilik" – Mətn, Ankara, 1979, s. XXV.
4
Bax: A.3. Bалидов. Bocтoчные pyкonucu в Ферганской oбласти. З. В. O. т. XX, 1914. C.E. Maлов. Памятники дpeвнe-тюркской nucьменнocmu, M. Л., 1951. В. В. Бартольд. Двенадцать лекций по ucmopuu mypeцкux napoдoв Cpeдней Aзии. Coчuнeнuя, m. V. A Н. Koнонов. Поэма Юсифа Баласагунского "Благадатное знание", M., 1983.
5
R.R. Arat. Göst. əsəri. "Kutadğu bilih" (saodatqaiullovçib bilim) nəşri 6 hazırlayan K.Karimov. Daşkənd, 1971. Юсиф Баласагунский "Благадатное знание". Издание подготовил С. Н. Иванов. М., 1983.
6
Bu barədə ətraflı bax: И.B. Cеблева. Paзвитue тюркских no cчеmкux 9 форм в XI веке. M.., 1971.
7
Onay – Müştəri.