Tale ilə təkbətək

Tale ilə təkbətək
Antoni Zqorj
Bu povest dahi bəstəkar Lüdviq van Bethovenin həyatı haqqındadır. «O, müasir incəsənətdə ən qəhrəman qüvvədir. O, əzab çəkən və mübarizə edən adamların hamısının ən böyük və ən yaxşı dostudur» – onun barəsində bu sözləri fransız yazıçısı Roman Rollan demişdir.
Bu kitabda bəstəkarın dahiliyi və faciəli taleyi təsvir olunmuşdur. Gərgin hekayətlər o dövrün tarixi hadisələri fonunda inkişaf edir.

Antoni Zqorj
Tale ilə təkbətək. Bethoven haqqında povest

Əgər mən çörəkçi olmasaydım, onda bəlkə də musiqiyə başqa gözlə baxardım. Siz, möhtərəm cənab, gecə yatır, gündüz isə işləyirsiniz. Amma məndə hər iş tərsinədir. Gecələr mən çörək bişirirəm, deməli, gündüz yatmaq lazım gələrdi. Ancaq bu mümkün deyil… Səhərdən axşamacan sizin musiqiniz adamı göz yummağa qoymur. Sizin yanınıza gələnlərdən və pilləkəndəki irəli-geri qaçhaqaçdan isə heç danışmasaq yaxşıdır! Cənab van Bethoven, mənim üçün heç xoş deyil, ancaq siz başqa mənzil axtarmalı olacaqsınız!
Əynində kətan şalvar, una bulaşmış köynək, yalın ayaqlarında ev ayaqqabısı olan çörəkçi Fişer əsəbi halda öz köhnə evinin darvazasına doğru, sifəti heyrətamiz dərəcədə qırmızı olan qırx yaşlı kişinin qarşısına yüyürdü. Onun göz qapaqları yuxudan yarımçıq durmuş adamlarda olduğu kimi şişkin, gözləri bulanıq idi. O, tünd yaşıl frak, ağ ipək corab və iri gümüş toqqalı tufli geymiş olsa da, etimad doğurmurdu. Bu geyimlərin hamısı artıq xeyli köhnəlmişdi, qara bantlı pariki isə elə bil lap bu saat başından sürüşüb düşəcəkdi. Əlindəki qəribə düyünçəyə, deyəsən nə isə əski-üskü doldurulmuşdu.
Həmin cənab evə yaxınlaşarkən təkəbbürlü baxışlarını çörəkçiyə zilləyərək bir kəlmə də danışmadı. O, bu baxışları ilə ev sahibini ram etmiş olduğunu qət edərək birdən güldü, sifəti aydınlaşdı:
– Siz nə vaxtsa Motsarta qulaq asmısınızmı? – O, əlini çörəkçinin çiyninə qoydu.
Fişer gözlərini döydü. Lakin qəribə sual yenə də eşidildi:
– Mən sizdən soruşuram: siz Motsartın necə çaldığını heç eşitmisinizmi?
– Yox, bilmirəm… – Çörəkçi özünü itirdi.
– Belə, deməli siz onu eşitməmişiniz, – cənab bunu təəssüflə dedi. – Amma heyf! Qəribə uşaqdır! On dörd il bundan əvvəl, o, bizim Bonnda mahir bir pianoçu və bəstəkar kimi çıxış etmişdi. Bilmək istəyirsinizmi, o vaxt onun neçə yaşı var idi, cənab Fişer? Yeddi yaşı, cənab Fişer!
– Mən bircə bunu deyirəm ki, yuxudan lazımınca doya bilmirəm, – deyə çörəkçi mızıldandı.
Cənab, pərtləşmiş çörəkçiyə qulaq asmadan ağ parikli başını bir neçə dəfə tərpətdi.
– Motsart dünyanın əsl möcüzəsi idi. Özü də, istəyirsiniz inanın, istəyirsiniz – yox, amma bu uşaq Parisdə kral və onun arvadı üçün çalmış, Londonda isə ingilis kraliçasını lap məftun eləmişdi! Knyazlar və kurfürstlər onu öz qəsrlərinə dəvət edir, qızıl isə onun üstünə hər tərəfdən su kimi axıb gəlirdi!
Nəhayət, gombul çörəkçi başa düşdü ki, knyaz orkestrinin musiqiçisi və tenor səsli müğənnisi olan İohann Bethoven onu ələ salır. Bəlkə o, sadəcə olaraq keflidir? Belə şeylər az olmamışdı! Qeyri-adi Motsart barədə söhbət çörəkçini artıq boğaza yığmışdı və o, özündən çıxdı:
– Yaxşısı budur, boş-boş danışmayın! Zəhmət çəkib mənzili boşaldın! Qəşəng sözlərinizi hədər yerə sərf edirsiniz.
Köhnə tülkü özünü heyrətlənmiş kimi göstərdi:
– Axı, cənab ev sahibi, biz məhz elə bu barədə danışırıq: İndi Motsart artıq bütün dünyada tanınmış bəstəkardır. İmperator paytaxtı Vyana ona baş əyir.
Əyanlar özləri üçün şərəf sayırlar ki, o onların sarayında fortepianoda nə isə dınqıldatsın.
– Qorxuram ki, bu gün siz bir qədər içmiş olasınız, cənab Bethoven. Başqa bir vaxt danışarıq! – Qəzəblənmiş Fişer çörəkxananın qapısına tərəf yönəldi.
– Zərrə qədər də içməmişəm, əziz ev sahibi! Mən heç ömrümdə belə ayıq olmamışam! Amma xahiş edirəm, mənə qulaq asın. Motsart uşaq ikən onu konsertdə dinləyənlər indiyəcən bununla fəxr edirlər. Onun doğma evində tezliklə xatirə lövhəsi vurulacaq. Bəs siz? Siz öz daxmanız üçün bu cür şərəfdən boyun qaçırırsınız. Doğrudanmı siz istəyirsiziniz ki, gələcəkdə sizi söysüenlər ki, çörəkçi Fişer möcüzə-uşağı öz evindən qovmuşdur.
– Siz nə danışdığınızı özünüz bilmirsiniz, cənab Bethoven! Gənc Motsartı mən heç yerdən qovmamı şam, çünki heç vaxt onun üzünü görməmişəm. Xudahafiz!
– Yox, xudahafiz yox, cənab ev sahibi! Söhbətimizi davam etdirəcəyik. Mənim böyük oğlum Lüdviq eynən belə bir qeyri-adi uşaqdır. Onun da adı bütün dünyada məşhur olacaq. Özü də tezliklə! Lap tezliklə! Budur, bircə bura baxın.
Bethoven əlindəki düyünçəni darvazanın yanındakı skamyanın üstünə qoydu. Və mətni yağlı qotik şriftlə çap olunmuş bir afişanı açıb uzatdı.
Heyrətlənmiş çörəkçi oxudu:
B İ L D İ R İ Ş
26 mart 1778-ci il
Saray tenoru Bethoven akademik musiqi salonunda öz şagirdlərini:
saray altçalanı madmuazel AVERDONKU və özünün altı yaşlı oğlunu nümayiş etdirmək şərəfinə nail olacaqdır.
Bunlardan birincisi müxtəlif gözəl ariyalarla, ikincisi – müxtəlif klavir konsertləri və trio ilə çıxış etmək şərəfinə nail olacaqdır.
O, ali cənablara tam məmnuniyyət bəxş edəcəyinə ümid edir, axı bütün saray lütf edərək bu artistləri böyük məmnuniyyətlə dinləmişdir.
Başlanış axşam saat 5-dədir.
Abonementi olmayan cənablar və xanımlar bir qulden pul verirlər.
– Hə, buna nə deyirsiniz, cənab Fişer? – çörəkçinin nəzərləri afişanın aşağı hissəsində dayandıqda tenorist soruşdu.
Çörəkçi söz tapa bilməyib bir dəqiqəyə qədər susdu. Sonra bir qədər cəsarətsizliklə dilləndi:
– Mən deyərdim ki, afişada səhv var, cənab Bethoven. Əgər yaddaşım məni aldatmırsa Lüdviqin yaşı altı yox, yeddi yaş yarımdır.
İohann van Bethoven qəşəng əlini laqeydliklə yellədi:
– Bir il az, bir il çox, bunun nə mənası var! Möcüzə-uşaq mümkün qədər kiçik olmalıdır. Başlıcası odur ki, əziz cənab ev sahibi, konsert Lüdviqə şan-şöhrət gətirəcək, mənə – pul, sizin evə isə – şərəf!
– Əgər gecə katorqasından sonra yatıb doya bilsəm, şərəfdən imtina etmərəm. Mənzili isə sizə verməkdən imtina edirəm.
– Yox əşi, yox əşi, siz bunu etməzsiniz! – Tenorist təbəssümünə ara vermirdi. O, heç vaxt, heç nəyi ciddi qəbul etmirdi, ev sahibinin qəzəbini isə lap bayaqdan.
– Siz mənə bircə bunu deyin görüm nə vaxt dincəlmək istəyirsiniz, o vaxt biz pianissimo çalarıq. Ya bəlkə sizin üçün layla çalaq!
– Siz mənə bəzi başqa əziyyətlər də verirsiniz. Ötən dəfə mənzil kirayəsini verməmisiniz, elə, ikincisinin də vaxtı tezliklə bitir.
Birdən çörəkçi şikayətlərinə ara verdi, çünki açıq darvazanın içində qəribə bir fiqur peyda oldu. Müsahiblər həyətə doğru geri çəkilib, gələn adama təəccüblə baxaraq susdular.
Orta yaşlı, çəlimsiz və donqabel, başında çoxdan daranmamış parik olan bir adam onlara fikir vermədən həyətə girdi. Onun əynindəki qara frak sallanmışdı, amma qısa şalvar və nə vaxtsa ağ rəngdə olduğu güclə seçilən corab geydiyi ayaqları cəhdlə və ahəngdar surətdə irəliləyirdi.
– Son zamanlar o bura hər gün gəlir!
– Sakit… – tenorist çörəkçinin sözünü kəsdi.
– Baxaq, görək o nə edəcəkdir.
Onlar hər ikisi gələn adamı yaxşı tanıyırdılar, şəhərdə hamı onu tanıdığı kimi. Deyilənə görə, onun oxumaqdan başı xarab olmuşdu və beynində bir qarmaqarışıqlıq hökm sürürdü. Musiqiçi özünün hörmətli vətəndaş rolunu artıq oynamışdı və indi şəhər dəlisi rolunda çıxış edirdi. O heç vaxt heç kimlə danışmır və yalnız dirijor çubuğunu, bir də boru şəklində bükülmüş not kağızlarını yellədə-yellədə şəhərboyu veyllənirdi.
İndi o, qulağını evə tərəf əyərək həyətin ortasında hərəkətsiz halda donub qalmışdı. Birinci mərtəbənin açıq pəncərələrindən xoş akkordlar eşidilirdi. Kiminsə barmaqları klavişlər üzərində inamla qaçışırdı.
Dəli çubuğunu musiqinin ahənginə uyğun tərpətməyə başladı. O, bütün bədənini yellədə-yellədə sa kitcə gülümsəyirdi. Görünür, eşitdiyi səslər onun səriştəli qulaqları üçün xoş idi. O, bir müddət beləcə dayandı, sonra gözəgörünməz pianoçunun çaldığı evi öz çubuğu ilə göstərdi və cəld baş əydi. Bu, yalnız bir məna verə bilərdi: yaxşı pianoçudur, yaxşı musiqidir!
– Gördünüzmü? – qara geyimli adam uzaqlaşanda İohann Bethoven çörəkçiyə pıçıldadı. – O, mənim otaqlarımı göstərirdi. Nahaqdan deməyiblər ki, dəlidən doğru xəbər. O mənim oğlumu təriflədi! Onun çalğısını qiymətləndirdi!
– Ola bilər, – çörəkçi təmkinlə razılaşdı. – Lakin əgər hətta siz də, sizin şagirdləriniz də və üç oğlunuzun da hamısı mələklər kimi çalsaydı belə, hər halda bütün bu dınqıltıdan, oxumaqdan, tappıltıdan və zingiltidən cana doymuşam.
– Mən güman etməzdim ki, siz incəsənətə bu cür düşmənsiniz!
– Mən demirəm ki, incəsənətə düşmənəm. Mən sadəcə olaraq rahat yatmaq istəyirəm.
– Cənab ev sahibi, sizi xəbərdar etməliyəm ki, siz öz bədbəxt başınızı knyaz həzrətlərinin qəzəbinə düçar edəcəksiniz.
– Hm…
– Sizin yerinizdə olsaydım «hm» demək əvəzinə bizim mənzildən köçməyimiz barədə tələbinizdən dərhal əl çəkərdim. İndicə sizə göstərdiyim afişada siz oxuya bildiniz ki, mənim oğlum artıq arxiyepiskopun sarayı qarşısında çıxış etmişdir. Siz təsəvvür edə bilmirsiniz ki, bu necə müvəffəqiyyət idi, ağalar heyran olmuşdular! Knyaz oğlanı qucaqladı, onun yanaqlarını sığalladı və həyəcandan gözlərinin dolduğunu çətinliklə gizlədə bildi. Axı mənə bircə bu kifayətdir, deyim ki, siz…
– Cənab arxiyepiskop ədalətli adamdır, o bilir ki, çörəkçilər gecə çörək bişirməlidir, gündüz isə onlara yatmaq lazımdır, – deyə çörəkçi etiraz etdi, lakin onun səsinin ahəngi göstərirdi ki, öz qərarında tərəddüd edir.
Bonnda kimin hünəri çatar ki, arxiyepiskopu qəzəbləndirsin? Onun qəsrində hofmeysterlər, kamergerlər, lakeylər, yegerlər, mehtərlər qaynaşır, hələ allah bilir, kübar sahibkarın ev qulluqçuları daha nə kimi rütbələr daşıyır.
Bonndakı səkkiz min nəfər obıvateldən hər biri qəsrdən axan qızıl selindən heç olmazsa nə isə ələ keçirməyə ümid edirdi. Knyaz musiqiçiləri ən pis gündə olanlardandır. Knyazın otuz altı musiqiçisi var, İohann Bethoven də onlardan biridir.
Çörəkçi Fişer gözəl bilirdi ki, həyasız kirayənişin knyazın ev qulluqçularının ən miskinlərindəndir. Onun mərhum atasının işləri bundan yaxşı idi. O, nəslən flamandiyalı olsa da hörmətli kapelmeyster vəzifəsinə qədər irəli gedə bilmişdi. Üstəlik, onun məşhur Reyn şərabı ilə dolu iki kiçik zirzəmisi də vardı.
Kiçik Bethovenə isə çörəkçi ehtiram bəsləmirdi. Lakin onun bir oğlu da vardı, Lüdviq! Onun cəmi yeddi yaşı var, amma şəhərdə onun böyük gələcəyi barədə söhbət gedir. Düzdür, bəziləri xəlvətdə kinayə ilə gülür – vunderkindləri çox görmüşük! Lakin Fişer adamları tanıyır, axı! Hər bir oğlan uşağı müxtəlif hoqqabazlıqlarda iştirak etməyə qabil olsa da, bu oğlanda nə isə var. Bəzən o, yaşlı adamlar kimi ciddi olur. Uzaqlara baxır, gülümsəmir, susur və nə barədəsə elə hey düşünür. Sonra birdən yerindən qopur, evə cumur və artıq, onun barmaqları altında klavişlər nə isə elə bir şey oxuyur ki, yəqin bunlar hələ not işarələri ilə təsvir olunmayıb. Doğrudur, Fişer heç bir musiqi alətində çalmır, amma əsl musiqi nə olduğunu bilir, hər halda əsl musiqini eşitmək ona nəsib olub. Hələ qoca kapelmeyster musiqi ilə məşğul olan vaxtlarda. Şagirdləri və oğlu – o vaxt çox ümidverici tenor səsi olan gənc gözəl oğlan da onunla idi.
– Cənab Bethoven, yaxşı, mən bir qədər də gözlərəm, sonra daha deməyəsiniz ki, mən sizə güzəştə getmək istəmirəm. Lüdviqin xatirinə gözləyərəm. Ancaq, lütfən, səhərlər mən yatarkən, bir qədər sakit olun. Axı musiqi təkcə forte olmur!
Tenorist özünün qəribə yükünü götürüb qapıda gözdən itdi. İohann Bethoven taxta pilləkənlə yuxarı qalxıb, öz mənzilinin mətbəxinə girdi. Alçaq tavanlı kiçik otağın pəncərəsinin yanında, dizləri üstündə nə isə tikən alçaqboylu çəlimsiz, qüssəli bir qadın oturmuşdu. O, almacıq sümüklərində parlaq qızartı olan arıq, demək olar ki, şəffaf sifətini ərinə tərəf döndərdi. Əri düyünçəni ona uzadıb qürurla bildirdi:
– Budur, gətirdim, Qiyamətdir! Sən bir bax!
Qadın ayağa durdu. O saatca iki oğlan uşağı – dörd yaşlı Kaspar və iki yaşlı Nikolay qaçaraq otağa girdilər. Hər ikisi enlikürək və elə alyanaq idi ki, elə bil yanaqlarına qırmızı kərpic sürtmüşdülər.
Onlar stolun təmiz yuyulmuş taxtalarının üstünə atalarının qoyduğu bağlamaya maraqla baxa-baxa itələşirdilər.
– Frak! Lap mənimki kimidir, – knyaz tenoristi lovğa-lovğa dilləndi və yaşıl parçadan tikilmiş kiçik kostyumu bağlamadan çıxartdı. Bu, böyüklər üçün olan kostyumun kiçildilmiş forması olduğu üçün gülməli görünürdü.
Sonra bağlamadan düymələri sıra ilə düzülmüş kiçicik alabəzək bir jilet və eynilə frakın rəngində olan qısa şalvar çıxdı. Nəhayət, kiçik bir parik, saysız-hesabsız uzunsov hörükləri buruq-buruq olan qar kimi ağ rəngli parik.
– Balaca Motsart da eynilə bu cür geyinmişdi! Lüdviq ondan zərrə qədər də pis olmayacaq! Nə paltarı, nə də çalğısı, – deyə lovğa kişi səsi eşidildi. – Əlbəttə, bunlar sənin xoşuna gəlmir.
Arvadı çiyinlərini çəkib köksünü ötürdü. Ər hiddətləndi:
– Hə, əlbəttə, sənin xoşuna gəlmir. Mən isə, inan ki, bunun üçün bir ətək dukat verməli olacam. Yenə sağ olsun dərzi ki, hesablaşmaq üçün konsertə qədər gözləməyə razılıq verdi. Parçanın əlasından işlədib. Sən bircə təsəvvür et ki, Lüdviq yaşıl frak və ağ parik geymiş halda səhnəyə necə çıxacaq! Altı yaşlı virtuoz! hələ qılıncına bax! Aman allah, tamam yadımdan çıxmışdı! Axı hələ, qızıl suyuna çəkilmiş kiçik qılınc da tapmaq lazımdır. Motsartda beləsi var idi. Bəlkə teatrın kostyum otağında borc verərlər?
– Bədbəxt oğlum! – qadın az qala eşidilməyəcək bir səslə dilləndi.
– Bədbəxt? Bilmək istərdim ki, nə üçün bədbəxtdir?
– Gedin, həyətdə oynayın,– -deyə ana gözlənilmədən əmr etdi. – Mən onların yanında demək istəmirdim,– xanım Bethoven başını qapıya tərəf əydi, – lakin indi sənə deməliyəm ki, bu konsert məni sevindirmir.
– Nəyə görə? Bəlkə Lüdviq məşğul olmaq istəmir? Mən onu ağıllandıraram, – deyə o, barmağı ilə hədələdi.
– Nahardan bəri ara vermədən çalır!
– Bircə öz cəfəng fantaziyalarını yenə dınqıldatmayaydı. O, bunu etməyi xoşlayır!
– Lüdviq yaxşı məşğul olur. Sən bir qulaq as!
Hər ikisi susdu. Qonşu otaqdan gələn cəld və inamlı passajların səsi indi daha aydın eşidilirdi. O, sözünə davam etdi:
– O, səni pərt eləməz. Ancaq bunlar nə qədər əzab lar bahasına başa gəlir!
– Boş sözlərdir! O, lap kiçik yaşlarından musiqini həddən artıq sevir.
–Bu düzdür. Ancaq hər halda o, hələ lap uşaqdır. Hərdənbir həyətdə qaçmaq, gizlənpaç oynamaq, topu qovmaq istəyir, sən isə bunlarla hesablaşmırsan, onu royalın yanına lap pərçim eləyirsən!
– Mən ki, bunları onun gələcəyi xatirinə edirəm. O, dahi pianoçu olmalıdır!
– Ancaq sən onun bir qədər şənlənməsinə imkan verə bilərdin, – deyə arvadı etiraz etdi. – İohann, etiraf et ki, sən Lüdviqin gələcəyindən çox pul üçün canfəşanlıq edirsən.
– Bəlkə mənim pulum çoxdur?
– Biz ehtiyacdan çıxa bilmirik, bu doğrudur, lakin təqsir kimdədir? Əlbəttə, sənin maaşın çox cüzidir. İldə iki yüz əlli dukat nə olan şeydir, özü də üç uşaqla! Lakin sən musiqi və nəğmə dərsləri verməklə bir bu qədər də qazana bilərdin, axı. Ancaq, Əgər doğrudan da, şagirdlər gəlsə, sən isə bu vaxt meyxanada oturmuş olsan, bu nəyə oxşayacaq? Özü də elə vəziyyətdə ki, notu notdan ayıra bilməyəsən!
Əri qəflətən taxtın üstündən qalxdı:
– Maqda, sən nə fikirdəsən, kostyumu oğlumuza ölçməli deyilikmi, baxaq görək uşağa yaraşırmı? Və cavab gözləmədən qapıya tərəf getdi: – Lüdviq, bura gəl!
Royal dərhal susmadı. Pianoçu çaldığı frazanı ta mamladı və yalnız o vaxt əlini klavişlərdən çəkdi. O saat da qapının yanında peyda oldu. Bu, alçaqboylu, canlı bir oğlan idi. Heyrətamiz dərəcədə sıx, qara saçlarını geriyə daramışdı, dərisi isə elə qara idi ki, sanki o, Reyndə yox, haradasa cənubda, günəşin yandırıcı şüaları altında doğulmuşdu. Oğlanın qara gözlərində belə bir sual oxunurdu: nə üçün çağırmısınız?
– Oğlum, məndə sənin üçün bir sürpriz var. Bir həftədən sonra konsert olacaq. Bax gör, ananla mən səni necə bəzəyəcəyik, – ata kostyumu aça-aça öyündü.
Lüdviqin sifətində bir peşmançılıq göründü. Baxışları stoldan pəncərəyə doğru qaçdı. Yaz axşamı ona gəl-gəl deyirdi, dərzinin möcüzəsi isə heç vecinə deyildi.
– Geyin, Lüdviq! Sən əsl kavaler olacaqsan!
Oğlan cavab vermədi, ancaq qaşqabağı sallandı.
O bir kəlmə də danışmayan anasının köməyi ilə dinməzcə geyindi. Atası ağ ipək corabları ona verdi, qara çəkmələrindəki gümüş suyuna çəkilmiş toqqaları öz əlləri ilə bağladı, sözə baxmayan gur saçlarının üstündən parik qoydu, buxağının altında qəşəng krujeva bantının qırışığını düzəltdi. Sonra oğlanı qonşu otağa apardı. Orada aşağı tərəfdən daralan qeyri-adi formalı, qızıl suyuna çəkilmiş döymə çərçivəli böyük bir güzgü asılmışdı. Kasıbçılıq vəziyyətində bu dəbdəbəli əşya babasının firavan həyatını xatırladan yeganə şey idi.
Balaca Lüdviq güzgüdəki qəribə oğlana uzun müddət və çox diqqətlə nəzər saldı. Ağ buruq saçların əmələ gətirdiyi haşiyədə öz sifəti ona gil kimi qəhvəyi və həddən artıq biabırçı görünürdü. O, nə dizindən aşağı düşən qəşəng yaşıl fraka baxırdı, nə də, demək olar ki, elə bu uzunluqda olan alabəzək jiletə. O, güzgünün gümüşü səthində yalnız qara bir sifət görürdü və bu sifət get-gedə daha da kədərli olurdu.
Amma atası sevinirdi. O, oğluna hər tərəfdən baxıb fərəhlənmək üçün bir neçə dəfə onun dövrəsinə fırlandı. O, Lüdviqi səhnəyə neçə çıxaracağını, royalın arxasına oturacağını, not vərəqlərini çevirmək üçün onun yanında dayanacağını və zal alqış səslərindən gurlayanda özünün qeyri-adi uşağı ilə birlikdə necə baş əyəcəyini təsəvvürünə gətirirdi.
– Hələ qızıl suyuna çəkilmiş qılınc da tapacam, – deyə atası vəd etdi. – Sənin qılıncın çatışmır.
Oğlan bir dəqiqə atasının axırıncı sözləri üzərində düşünüb sonra qısaca güldü:
– Mənə bir şarmanka da verin!
– Nə şarmanka?
– Bu yaxınlarda məktəbimizin yanına bir şarmankaçalan gəlmişdi. O, zəncirdə mənim kimi geyindirilmiş balaca bir meymun saxlamışdı. O çaldiqca, meymun rəqs edirdi.
– Lüdviq!– deyə anası xəbərdarlıq etdi. Atası hiddətləndi:
– Soyun və bu saatca keç royalın arxasına!
Oğlan bir anlığa fikrə getdi. Frakının bir çiyni çıxarılmış vəziyyətdə, kədərli halda beləcə donub qaldı.
Pəncərədən baxanda evlərin işıqlanan damları, Reynin gözqamaşdırıcı hamar səthi, o biri sahildə isə yaşıl təpələr – Semiqorye görünürdü.
– Ata, mən küçəyə getmək istəyirdim, – deyə o, xahiş bildirən səslə dilləndi.
– Heç olmazsa bir dəqiqəliyə burax onu, – deyə anası yalvardı. – Elə gözəl axşamdır ki!
– Bəs konsert?
Oğlan susurdu. Anası davam etdi:
– O çox səylə məşğul olub. Onda hər şey gözəlcə alınır, bundan yaxşısı mümkün deyil, günəş isə tezliklə batacaq.
– Get bir az da işlə,– deyə ailə başçısı lütfkarlıqla səsləndi, – şam yeməyindən sonra gəlib sənə qulaq asacam. Əgər səhvsiz çalsan, qoy sən deyən olsun, buraxacam səni. Yoxsa – yox.
Lüdviq atlas jileti ildırım sürəti ilə əynindən çıxartdı.
– Yaxşı, yaxşı… – İohann Bethoven donquldandı. – Əgər, sən demişkən, bu kostyum lap meymuna yaraşırsa da, o saat onun bütün düymələrini qırmaq lazım deyil.
Tenorist özü oğlunun konsert paltarını səliqəylə qatlayıb arvadına göstəriş verdi ki, bunların hamısını yığışdırıb şkafa qoysun. Sonra o, mətbəx stolunun arxasında oturub böyük məmnuniyyətlə soyuq balıq və bir iri qədəh şərabla şam etdi.
Birdən onun çənəsi dayandı. Bu nədir, Lüdviq nə çalır? Bu ana qədər eşitdiyi şirin melodiya bir zaman Motsartın çaldığı prelüddən idi. İohann Bethoven bu əsəri konsert üçün qəsdən seçmişdi. O, çətin əsərdir və konsertdəki adamlar əlbəttə başa düşəcəklər ki, yeni möcüzəli uşaq öz sələfindən əsla geri qalmır.
Lakin indicə qonşu otaqdan eşidilən şübhəsiz, başqa musiqi idi. O adi, kədərli, şikayətli, kənd mahnısını xatırladırdı. İohann Bethoven qaşqabağını tökdü. Melodiya yüksəlir, güclənir, sonra qəflətən qırılırdı. Melodiya, sanki qapısı bağlı qonaq otağına salınmış quşcuğaz kimi özünü pəncərə şüşəsinə çırpır, yerə düşür, geriyə doğru uçur və öz ümidsiz sıçrayışını bir də təkrar edirdi…
Onun bu məşğələlərindən atasının zəhləsi gedirdi. Boş yerə vaxt sərf etməkdir. O, bir az fikirləşəndən sonra ağzı yeməklə dolu halda otağa daxil olub bağırdı:
– Bu nə cəfəngiyatdır, dınqıldadırsan? Not üzrə çal, bunun faydası daha çox olar!
Melodiya dərhal qırıldı.
– Bunu mən özüm fikirləşmişəm, – deyə oğlan sadəlövhlüklə boynuna aldı. – Heç olmazsa bir az xoşuna gəlirmi?
Atası lovğa-lovğa donquldandı:
– Elə bilirsən, sənin başın nə isə yaxşı bir şey fikirləşib tapmağa qabildir? Bu şeylər üçün sənin vaxtın hələ çox olacaq, indi isə konsert üçün lazım olan şeyləri bacarmağın qeydinə qal! Sən hər şeyi yaxşı yadda saxlamısanmı?
– Bəli. Ata, qoyun gəzməyə gedim!– deyə oğlan xahiş etdi.
– Mən sənə demişəm, – deyə atası balıq tikəsini çeynəyə-çeynəyə mızıldandı, – yeyib qurtaran kimi, səni yoxlayacağam. Və əgər hər şey yağ kimi olmasa, gəzməyi heç xəyalına da gətirmə!
Atası qapını yarıaçıq qoyub mətbəxə qayıtdı. Diqqətlə qulaq asmağa başladı. İndi otaqdan yalnız ilk açıq konsert üçün hazırlanmış əsərin səsi gəlirdi.

Nəhayət, İohann Bethoven yerindən qalxdı, şərabın qalanını içdi, ovcunun arxa tərəfi ilə ağzını silib oğluna tərəf yönəldi.
Anası, əlində tikmə, pəncərənin yanında oturub nigarançılıqla onları izləyirdi. Təzə virtuozun sənətinə bu cür baxışlar çox vaxt şapalaq və ağlaşma ilə qurtarırdı.
– Belə! İndi isə başla, – atası bunu deyib öz stulunu royala yaxın çəkdi.
Lüdviqin qarayanız sifəti qorxudan və həyəcandan qızardı. Əlləri klavişlərin üstündə ara vermədən qaçışdı, lakin o, bir dəfə də nota baxmadı. Lakin yenə də bir yerdə, ən çətin yerdə atası bir səhv tutdu.
– Dayan!– deyə o, qışqırdı. – Bax, buradan başla – barmağı ilə notları göstərdi. O özü yaxşı pianoçu deyildi, lakin dəqiqlik hissi onun canında uşaqlıqdan var idi.
Lüdviq çətin passajı yenidən çaldı. Ona elə gəldi ki, səhvsiz çaldı.
– Ortada niyə sürəti artırdın? – atası sərt halda soruşdu.
– Mən sürətləndirmədim.
– Sürətləndirmədin? Onda təzədən çal.
Çətin taktlarda çaşacağından qorxan oğlan doğrudan da tempi bir qədər aşdı. O yaman istəyirdi ki, tezliklə həyətə qaçsın.
– Lənətə gələsən, sən niyə tempi gözləmirsən? Sənin barmaqlarını qırmaq lazımdır!
Oğlan daha da qızardı, həyəcandan elə bil əl-qolu bağlanmışdı, musiqinin tonu artıq tamam yanlış səsləndi. Atası yerindən sıçradı:
– Deməli, yaxşı öyrənmək buna deyirsən! Yaxşı, mən sənə öyrədərəm vicdanla məşğul olmağı!
Oğlan zərbə gözləyərək, başını çiyinlərinin arasına qısdı. Lakin İohann Bethoven ayrı cür hərəkət etdi. O, açarı cingildədərək qapıya tərəf yönəldi.
– Onu bil ki, gecənin yarısınacan buradan çıxmayacaqsan. Bircə dənə də səhv olmayana qədər məşğul olacaqsan! Özü də hünərin var, hamısını doğrudan da öyrənməmiş mənə yalan de ki, hazırsan.
O, qapını çırpdı, açar qıfılın içində fırlandı və oğlan tək qaldı. Bir anlığa Lüdviq qorxudan donub qaldı. Sonra dodaqları qüssəylə səyridi. Ağlamaqdan bədəni titrədi. Gözlərindən yaş sel kimi axdı. O çalışırdı ki, göz yaşlarını saxlasın; axı, atası hər dəqiqə qayıdıb gələ bilərdi! O, ağlaya-ağlaya çalırdı. Var qüvvəsiylə və inadkarcasına çalırdı. Axı, onu buradan yalnız qüsursuz ifası xilas edə bilərdi.
Bu dəmdə atası evdən çıxıb getdi. O nə vaxt qayıdacağını heç kimə demədi. Lüdviqin oturduğu otağın açarını o, jiletinin cibinə qoydu.

İyul axşamlarından birində, qaranlıq qatılaşan vaxt o, Reynin kənarında durmuşdu, «Möcüzəli uşaq» həmişə uşaq olaraq qalmır. İstər royalda çalsın, istər top ilə əylənsin. Tezliklə Lüdviqin on iki yaşı tamam olacaq. Düzdür, onun boyu böyük deyil, lakin o, enlikürək və möhkəm bədənlidir.
Qədim qala səddinin bu ətəkləri firavan yerlərdir. Səhərlər burada kurfürst əsgərləri marş keçir, axşama yaxın isə şəhər sakinləri həvəslə buraya yığışır, çünki burada həmişə baxmalı şey tapılır. Səddin ot basmış ətəklərində, irili-xırdalı çoxlu gəmilərlə dolu əzəmətli çayın dalğaları yayılır. Suyun oynaq hamar səthinə baxmaqdan doyanlar baxışlarını başqa tərəfə yönəldə bilər. Bu zaman o, silueti möhtəşəm tikililərin damlarından yaranan ucsuz-bucaqsız şəhəri görəcək. Bu damların üzərində isə saysız-hesabsız kostyol qüllələri ucalır. Kostyollardan ən qədiminin beş qülləsi var idi, demək olar ki, doxsan beş metr yüksəkliyində olan ortadakı qüllə köyə baş çəkirdi.
Gənc Bethoven qəribə görkəmli bir adamın söhbətinə tam aludə olub, nə şəhərin gözəlliyini, nə də Reynin əzəmətini hiss edirdi. Həmin adamın simasını qeyri-adi edən onun geyimi deyildi – şəhərdə yaşayan kişilərin çoxu onunku kimi qara sürtuk geyir və başına üçkünc şlyapa qoyurdu. Onun görkəminə qeyri-adilik verən silueti idi. Uzaqdan baxanda adama elə gələrdi ki, bu, beli bükülmüş bir qocadır. Yaxınlaşdıqda isə görünürdü ki, onun heç qırx yaşı da yoxdur. Bədəninin yöndəmsizliyinə baxmayaraq, başı heyrətamiz dərəcədə qəşəng və nəcabətli idi. Uca, təmiz alnı, sifətinin təravətli rəngi, ağıllı bir tərzdə işıq saçan qara gözlər,– bunların hamısını da şabalıdı rəngli dalğavarı saçları haşiyəyə almışdı. Qara tellər Bonnda nadir, demək olar ki, müstəsna bir haldır: axı saray orqançalanı və saray teatrının kapelmeysteri pariksiz gəzməli deyil. Lakin Bonn sakinləri artıq adət ediblər ki, Kristian Hotlib Nefenin kefi necə istəsə, özünü elə aparır. O, həm də çox ağıllıdır, yoxsa o, Lüdviqi belə əsir edə bilərdimi? Axı bu oğlan öz ürəyini hər yetənə açan deyil.
O, təqribən üç il bundan əvvəl Bonna gəlib çıxmış knyaz orqançalanına elə bağlanıb ki, əgər İohann Bethoven özü oğlunu özündən uzaqlaşdırmasa, o ancaq atasına bu cür mehr sala bilərdi.
Artıq neçənci dəfə idi ki, oğlan, fikrə dalmış Nefedən soruşurdu:
– Yaxşı, bu gün siz bizə gələcəksinizmi, maestro?
– Məgər bu çox lazımdır? – orqançalan inamsız halda imtina edir.
– Biz çox şad olardıq! Anamın ad günüdür, bu gün Milad axşamından da yaxşı gündür. Mənə belə gəlir ki, bu, ilin yeganə günüdür ki, həmin gün o, xoşbəxt olur. Siz gəlməsəniz, çox təəssüf…
Oğlan cavab gözləyirdi, orqançalanın fikri isə tamam başqa yerdə idi. Lakin axırda o qət etdi ki, bu cür səmimi dəvəti rədd etmək insafsızlıq olardı.
– Gələrəm, gələrəm, cavan oğlan, – deyə o, fikirli halda cavab verdi və bir qədər canlanmış halda əlavə etdi: – Kaş bircə atan həddən artıq… olmayaydı. Mən belə şeyləri heç xoşlamıram… – O, sözünü axıracan demədi, ancaq sifətində dərhal qırışlar yaranmasından görünürdü ki, o, sərxoşluğa nifrət edir.
– Yox, yox, – deyə oğlan, tələsik bildirdi. – Anamın ad günündə! Heç vaxt! Bu gün bizim evdə sülh və lütfkarlıq günüdür! Heç buna onun vaxtı da olmur, bütün axşamı o, musiqi çalır.
– Musiqi çalır… Hə, hə, – deyə orqançalan fikirli halda oğlanın nə barədə danışdığını yaxşı başa düşmədən təkrar etdi. Sonra birdən ucadan dedi: – Musiqi! Bəli! Onda bir gözəllik, ucalıq, səadət var. Lakin, Lüdviq, əgər mən incəsənətin adamlara çörək qədər lazım olduğuna inanmasaydım, sənə bəzi şeylər deyərdim!
– Nə deyərdiniz, maestro?
– Mən deyərdim: oğlan, royaldan uzaq qaç, mu siqini at və get, bulkasatan ol. Allahdan qorxa-qorxa yaşasan, yavaş-yavaş yoğunlaşardın, Reynin sahilində torpaq sahən və üzümlüyün olar, öz evində yaşayardın. Ya da bərbər ol, çəkməçi ol – bunlar hamısı kurfürst həzrətlərinin musiqiçisi olmaqdan yaxşıdır.
– Maestro, deyin görək, belə isə bəs siz nə üçün sənətlə məşğul olmadınız? – Oğlanın gözlərində bir hiylə parladı.
– Məsələn dərzilik sənəti ilə, eləmi? Əlbəttə qayçı, iynə və ütü ilə necə davranmağı atam mənə öyrədə bilərdi. Ancaq incəsənət – musiqi, teatr, poeziya məni cəlb etdi. Mən öz istəyimə qarşı getmədim.
O, köksünü ötürüb bir qədər susdu və yenidən danışmağa başladı:
– Deyirlər bataqlıq yerlərdə bir cür işıldayan böcəklər yaşayır ki, onlar adamları bataqlığa doğru çəkməyə qabildir. Mən bu əfsanələrə inanmıram. Ancaq bunu bilirəm ki, incəsənət – insanı təsvirəgəlməz yüksəkliyə ucaldan böyük bir atəşdir. Kim bir dəfə taleyini incəsənətlə bağlayıbsa daha heç vaxt onsuz yaşaya bilməz.
– Mən notları əlifbadan əvvəl öyrənmişəm,– deyə oğlan dalğın halda cavab verdi.
Onun qozbel müsahibi dedi:
– Bu mənə məlumdur. Mən hələ musiqiyə bu qədər aludə adama rast gəlməmişəm. Doğrudan, səninlə kim məşğul olub?
– Maestro, mənim müəllimim çox olub, heç biri də əsl müəllim olmayıb. Birincisi və ən bacarıqsızı atam olub. O nəyi ciddi bacarır axı? O royal çalanda fikirləşirsən ki, axı bu adam skripkaçıdır; amma elə ki, skripka kamanını əlinə alır, o saat heyfsilənirsən ki, gərək o özünü tamamilə fortepiano çalmağa həsr edəydi.
– Mənə elə gəlir ki, Lüdviq Bethovenin müəllimi Lüdviq Bethovenin özü olub.
– Bəli, siz Bonna gələnə qədər belə olub.
Nefe yalnız əlini yellədi.
– İnsan özü özünün müəllimi ola bilər. Xeyri də bu olur ki, o, müəlliminə pul verməli deyil.
– Siz də mənə pulsuz öyrədirsiniz!
– Bu tamam belə deyil. Məgər sən kilsədə orqan çalmırsanmı, bir də ki, əgər mən hər hansı bir knyaz oğlunu öyrətməli olsam, o, həm öz əvəzinə pul verməli olacaq, həm də sənin əvəzinə.
– Bu, ədalətsizlik olardı, maestro.
– O yalnız öz borcunu ödəmiş olardı. Bütün knyazlar öz təbəələrinə borcludurlar. Əslinə baxsan, kurfürst qəzanın demək olar ki, hər bir sakininə borcludur.
– O, sizdən də borc alıb? Mən heç bilmirdim!
Nefe güldü.
– Əlbəttə. Sənin atandan da borc alıb.
– Yox, maestro, bizim atamızdan bir quruş da borc almaq mümkün deyil. Onun cibi həmişə boşdur.
– Ona görə ki, əlahəzrət sizin atanızdan oğurlayır.
Heyrətlənmiş oğlan susdu. Görəsən, onun müəllimi xəstələnməyib ki?
– Siz tapmacalarla danışırsınız, maestro!
Nefe ayaq saxladı, onun sifətində qəribə bir təbəssüm oynayırdı.
– Əgər biz buradan bir neçə mil qərbdə yaşasaydıq, sən təkcə tapmacanı yox, həm də onun cavabını bilərdin.
Lüdviq sualedici nəzərlərini alçaq təpələrin arxasında günəşin yavaş-yavaş batdığı tərəfə yönəltdi. O, heç bir şey anlamayıb, çiyinlərini çəkdi.
– Fransada artıq, nə isə hərəkətə gəlib, daha bizdəki kimi yox. Tezliklə onlar üçün günəş doğacaq,orqançalan sözünə davam etdi.
– Qərbdənmi, maestro? – Oğlanın ağıllı gözlərində heyrət əks olundu.
Qozbel musiqiçi onun qoluna girdi və onlar Reyn boyunca uzanan cığırla getməyə başladılar.
– Mən sənə musiqidən başqa bir çox ayrı şeyləri də öyrətməliyəm ki, sən öz klavişlərindən bir az uzağı da görəsən.
– Mən nəyi görməliyəm ki?
– Hə, məsələn, knyazın musiqiçisi həmin cənabın ov itindən nə ilə fərqlənir?
– Musiqiçi itdən nəylə fərqlənir?
– Fərq bundan ibarətdir: it çox canfəşanlıq eləməsə də həmişə yaxşı yedizdirilmiş olur, axı ağalar ova tez-tez getmirlər. Knyaz musiqiçisi isə əksinə: nadir hal larda yaxşı yedizdirilmiş olur, əvəzində isə ara vermədən çalır. Axı knyaz hər gün musiqiyə qulaq asmaq istəyir. Biz də səhər liturgiyası vaxtı çalırıq ki, knyaz və yaxın adamları yatıb yuxuya qalmasın, nahar vaxtı çalırıq ki, onlar qidalarını yaxşı çeynəsinlər, axşam musiqi çalırıq ki, yatmazdan əvvəl onları əyləndirək.
– Hər bir adam zəhmət çəkməlidir!
– Bəs sən həmin lütfkar cənabı nə vaxtsa üzümlükdə işləyən görmüsənmi?
– O ki, varlı adamdır, işləmək onun nəyinə gərəkdir?
– O elə ona görə varlıdır ki, özgələrindən oğurlayır. Knyazlarla oğrular arasında böyük təfavüt yoxdur.
Lüdviq Nefenin sözlərindən sarsılmışdı, ancaq hiss edirdi ki, müəllimi düzgün mühakimə yürüdür. Lüdviqə bu da aydın idi ki, müəllimi knyazlarla quldurları bir tərəziyə qoyur. Doğrudan da, məgər knyazlar əkinçinin əlindən məhsulu, peşə sahiblərinin əlindən onların əməyinin bəhrəsini və sənətkarın əlindən alınası hər nə varsa hamısını almırmı?
– Biz kölələrik, – orqançalanın səsi kədər və qəzəblə eşidildi. – Sahibkarın kefi istəsə onun qarşısında lap sürünəcəyik!
– Mən sürünməyəcəm,– deyə oğlan onun sözünü kəsdi, alnında inadkarlıq bildirən qırışlar yarandı.
Nefe qüssəli halda qımışdı:
– Bizim ağalar yoxsulları xalta ilə tutub saxlayırlar. Sənətkarlar, gözəllik yaradanlar isə yurdsuz itlər kimi, həyətbəhəyət veyllənirlər. Xaltalarını yaxınlaşdırıb xahiş edirlər: lütf edib, məni qulluğa götürün!
Lüdviq bu dəfə son dərəcə təhqir olunub, ayaq saxladı. O, baxışlarını yol yoldaşının amansızlaşmış sifətinə zillədi.
– Mən istəmirəm ağanın nökəri olum! Mən qapı-qapı gəzib xaltamı uzatmayacam! Maestro, allah xatirinə, deyin, mən neyləyim?
Nefe o saat cavab vermədi. Onun sifətində gizli bir məmnuniyyət hissi əks olundu.
– Mən elə bunu istəyirdim, cavan oğlan! İstəyirdim sənin sualını eşidim: nə etmək lazımdır? Lakin bu məkrli sualın cavabını elə mən də bilmək istərdim axı.
– Siz mənə bir məsləhət verə bilərsinizmi?
– Özümə yox, sənə – hə.
Knyaz orqançalanı cavab verməyə macal tapmamış kilsə zənginin adi səsi eşidildi. O saat da, elə bil bu siqnalı gözləyirmiş kimi, yezuit və fransiskan monastırlarının zəngləri səsləndi, sonra isə bütün şəhər və kənd kostyollarında zənglər çalındı.
Gənc Bethoven şlyapasını çıxarıb sakitcə dua oxudu. Nefe protestant idi, lakin katolik kilsələrində zənglər çalınanda onun da sifətinin ifadəsi yumşaldı. Bu an kim isə onun başıörtülü olduğunu görsəydi, işi şuluq olacaqdı! Onsuz da, özgə dindən olan bu gəlmə adamı arxiyepiskopun xidmətdə saxlamasına görə qəzəblənmiş düşmənləri çox idi.
Üzücü zəng səsləri susanda Lüdviq cəld şlyapasını geyindi.
– Hə, maestro, indi buyurun…
Nefe çaşqın halda alnını sildi.
– Bu haqda sakit və tələsmədən danışmaq lazımdır, biz isə getməliyik, cavan oğlan! Mənim fransız səfirinin evində dərsim var. Sən isə çalmalısan. Bəlkə, axşam…
Deməli, bizə gələcəksiniz? – Lüdviqin gözləri sevinclə işıqlandı.
– Mən axı dedim.
Onlar şəhər darvazasının yanında ayrıldılar. Lüdviq düz irəliyə doğru üz tutaraq sürətlə, başını aşağı əyərək gedirdi, sanki fikirlərin ağırlığından başını düz tutmağa çətinlik çəkirdi.
– Maestro mənə nə məsləhət verə bilər? Kurfürstə mənim babam xidmət edib. Atam xidmət edib. Məşhur musiqiçilərin hamısı bu cənabdan maaş alır. Onlar bunu da itirməmək üçün qorxudan titrəyirlər. Mənim də vəziyyətim bu cür miskin olacaqdır? Yoxsa, nə isə bir möcüzə baş verəcək? Axı maestro heç vaxt boş sözlər danışmır. Mənim üçün onun nə isə bir planı var. Lakin nə üçün o özü bu plana əməl etmir?
Lüdviq çörəkçi Fişerin bulka məmulatları satan kiçik dükanı da yerləşən evinin həyətinə girəndə başı saysız-hesabsız suallarla dolu idi.
Evə girəndə o, indicə şəhərdən qayıtmış və əlində şərab şüşələri ilə dolu zənbil aparan atası ilə qarşılaş dı.
– Bu nədir, sən çalmırsan? – deyə o, təəccüblə səsləndi. Qəzəbsiz soruşdu. O, Lüdviqi möcüzəli uşağa çevirmək ümidi boşa çıxandan bəri onun məşğələlərinin qeydinə qalmırdı. Atasını təəccübləndirən yalnız bu idi ki, oğlunu həyətdə görmüşdü və evdən royal səsi gəlmirdi.
– Ata, mən daha gəlirəm, – deyə oğlan qımışdı.
Lüdviq bilirdi ki, qonşu otaqlarda artıq, kiçik yaşlarından ona tanış olan və sevdiyi füsunkar tamaşa oynanılır. Necə də istəyirdi ki, royalın qapağını çırpsın! Lakin o, özü özünə əmr edə bilir: «hamı edə bilər, sən edə bilməzsən!»
Artıq saat doqquzdur, küçədə göz-gözü görmür. Otağın qapıları açıq qalır, lakin Lüdviqin həssas qulağı adət etmədiyi qarmaqarışıq səsləri ayırd edə bilir. Boğuq kişi səslərini, bir tərəfdən o biri tərəfə çəkilən mebel səsini, qadınların qəhqəhəsini eşidir. Budur, kim isə skripkanı kökləyir, fleyta da sanki boğuq gülüş səsi ilə əks-səda verir.
Lüdviq cəld ayağa qalxdı. Ailənin və qonaqların yanına keçmək vaxtıdır. Bəlkə Nefe öz sirriylə bərabər, artıq gəlib?

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336824) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Tale ilə təkbətək Antoni Zqorj
Tale ilə təkbətək

Antoni Zqorj

Тип: электронная книга

Жанр: Легкая проза

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Tale ilə təkbətək, электронная книга автора Antoni Zqorj на азербайджанском языке, в жанре легкая проза

  • Добавить отзыв