Dağlar
Aşıq Alqayıt
Kitaba tanınmış el şairi Alqayıtın müxtəlif illərdə qələmə aldığı şeir, poema və qəzəlləri daxil edilmişdir. Kitabı hazırlayarkən öncə nəşr olunmuş «Qalx ayağa, Azərbaycan» (2000), «Yaralı qartal» (2006) kitablarından istifadə etmişik. Oxuculara təqdim edilən bu əsərlər müəllifın təkrarsız düşüncə və duyğularının poetik ifadəsidir. İnanırıq ki, bu kitab poeziya həvəskarlarının stolüstü kitabı olacaq və şairin şöhrətini daha da uzaqlara yayacaq.
Aşiq Alqayit
Dağlar
Yurd həsrəti
(“Qalx ayağa, Azərbaycan” kitabından)
Mən sənət ocağında dünyaya göz açmışam. Bu ocaq təkcə doğulduğum ev deyil, sazlı, sözlü-qədim Göyçə mahalıdır. Pərvanə bulaqlar, köpüklü çaylar, qartalın qıy səsi əsl ilham mənbəyi deyildimi? El toyları, el şənlikləri, adlı-sanlı aşıqların dastan gecələri ömrümün-günümün silinməz xatirələridir. İlkin yaşlarımdan saza, sözə vuruldum. M.Füzulinin ilahi qəzəlləri, M. P.Vaqifin, aşıq Ələsgərin qoşmaları, M. Ə.Sabirin ölməz satirası, S.Vurğunun lirikası varlığıma hopdu. Atam aşıq idi. Saz çalmağı ondan öyrəndim, yerdə qalanlar isə təbiətin qismətidir.
Mətbuatda dərc olunmamış yazılarım el-oba tərəfindən qiymətləndirildi. Bu mənə kələcək yaradıcılığım üçün ümid verdi. Dövrün, zamanın haqsızlığından yazdığım şeirlər hamı tərəfindən müsbət qarşılanmadı. Durğunluq illəri inkişaf yollarıma daş-kəsək ələdi. Göyçə mahalında yaşadığım dövrdə də, 1984–1987-ci illərdə də izimə düşdülər. Lent yazılarımın yayılmağına, kitablarımın çap olunmağına əngəl törətdilər. Bu, heç də məni fikrimdən, əqidəmdən, qarşıya qoyduğum məqsəddən yayındıra bilmədi.
Kommunist partiyasının iyrənc siyasətinin, rüşvətxorluğun, haqsızlığın əleyhinə çıxış etdim. Bu, mənim iqtisadiyyatıma, təhlükəsizliyimə mənfi təsir göstərdi. Ancaq yolumdan çəkindirə bilmədi. Şairin, yazıçının, publisistin yazılarında fəlsəfi fikirlər, siyasi görüşlər yoxdursa, demək, o, sənət adamı deyil. Eli, obası, torpağının 20 %-i yağmalanmış şair bu kök üstə, yurd həsrətilə köklənməlidir. Mənim ömür yolum elə, buradan başlayır. Şair vətəndaş, şair inqilabçı, şair haqsızlığa qarşı barışmaz olmalıdır.
Mən buna nail olmuşam, olmamışam – deyə bilmərəm. hər halda sənətkara el qiymət verir. Müəllifinə xəcalət gətirən “sənət əsəri”ndənsə, abid olmaq, mərsiyyələr yazmaq (onu da yaza bilsən) daha gözəldir.
“Qalx ayağa, Azərbaycan!” kitabımın nəşri də bu məqsədlə işıq üzü gördü. Bilirəm, yazdıqlarımdan xoşu gələn də olacaq, gəlməyən də! Ziddiyyətsiz inkişaf yoxdur. Ümidvaram ki, böyük Azərbaycan xalqı öz poeziyasını, öz sənət incilərini heç bir təkidə, heç bir təzyiqə qurban verməyəcəkdir.
Oxucularıma can sağlığı, ağı-qaradan seçməyi arzulayıram! İqtidarlı, müxalifətli ilk kitabımı xalqımızın inkişafına, azadlıq yollarına həsr etdiyimi bildirərək, növbəti kitabımın nəşrinə qədər Sizdən ayrılıram.
Yurd həsrətilə
Dünya cənnət olsa, başdan-ayağa,
Mənim qibləgahım yenə Göyçədir.
İnamım, əqidəm, mənsəbim, dinim,
Qızıl barigahım yenə Göyçədir.
* * *
Nə müddətdir aranlıyam, dağlıyam,
Buz donduran nəfəsinə bağlıyam.
Mən onun övladı, onun oğluyam,
Axır səcdəgahım yenə Göyçədir.
Müəllifdən
Dünya
Mənim ürəyimdə kədəri xal-xal,
Dərdi çəkilməyən yükdü bu dünya.
Ömrü yaşanmamış, meyvəni kal-kal,
Nə qədər budadı, tökdü bu dünya?
Ümmana qərq oldu Nuhun vaxtından,
Fironlar, Şəddatlar küsdü baxtından,
Neçə fatehləri saldı taxtından,
Neçə xanimanlar sökdü bu dünya.
Bir əlində xeyir, o birində şər,
Kimə nə qismətdir, kimə nə düşər?
Haqsızlıq oduna yananda bəşər,
Ah çəkib boynunu bükdü bu dünya.
Ötdü, ötən günlə tapışmaq olmaz,
Qəza yelkənində çapışmaq olmaz.
Onu dayaq sanıb, yapışmaq olmaz,
Kiprikdən asılan tükdü bu dünya.
Bəzən ağı qatdı zər qaşıqlara,
İçirdi taleyi sarmaşıqlara.
Büllur saraylara, gur işıqlara,
Ağır zülmət olub çökdü bu dünya.
Qılınc var, nizə var ipək telində,
Mələklər, iblislər öz əməlində.
Ana torpağımı cəllad əlində,
Hərrac bazarına çəkdi bu dünya.
On il müharibə, on il məşəqqət,
Baxdım əməlinə duymadım riqqət.
Ay Alqayıt, şum eylədi, nəhayət,
Yurdunda mərmilər əkdi bu dünya.
26 iyun 1995-ci il, Xanlar.
Yerlər
Hanı zirvəsinə könül verdiyim,
Qoşulub qartala süzdüyüm yerlər?
Lalədən, nərgizdən çələng hördüyüm,
Hanı çiçəyini üzdüyüm yerlər?
Hanı tez inciyib, gec barışdığım?
Gözünü yollarda qoyub qaçdığım?
Qövsü-qüzehinə qanad açdığım,
Hanı yağışından bezdiyim yerlər?
Sonu görünməyən bu necə yoldu?
Elində şah olan qürbətdə quldu!
Getdi əlimizdən, görünməz oldu,
Köhlən at belində gəzdiyim yerlər.
Süründüm dalınca hey dizin-dizin,
Oydu ürəyimi dərd həzin-həzin.
Bahar çiçəyini ilk eşqimizin,
Hanı sinəsinə düzdüyüm yerlər?
Hanı vəfasından giley etdiyim,
Soyuq baxışından küsüb getdiyim?
Hanı qucağında kama yetdiyim,
Hanı həsrətinə dözdüyüm yerlər?
Bu necə tarixdi, bu necə gündü?
Fəryadım göz yaşı, harayım ündü,
Nə üçün qaranlıq məhbəsə döndü?
Köpüklü çayında üzdüyüm yerlər?
Alqayıtam, ömrü çoxmuş kədərin,
Neştəri zəhərli, yarası dərin.
Ay ellər, obalar, bir xəbər verin,
Vətəndir itirib, gəzdiyim yerlər?
21 avqust 1998-ci il, Bakı.
Dəyməz
Ulu səcdəgahdı Vətən torpağı,
İnsan ocağına, pirinə dəyməz.
Şənlikdə sevinər, yasda ağlayar,
Elin xeyirinə, şərinə dəyməz.
Bir eylik eləsən, min bəla sovar,
Ögeylik, nadanlıq neçə qəlb ovar,
Kimin ki, ucalmaq təmənnası var,
Dünyanın ləlinə, zərinə dəyməz.
Müqəddəs saymayın xanimanları,
Çoxdur bu fələyin qəm sükanları.
Yığılsa dünyanın okeanları,
Yurdun Arazına, Kürünə dəyməz.
Rast gələn olubmu qış vaxtı selə,
Ya bir tər çiçəyə, ya şəbnəm gülə?
Namərdin yığdığı ləl olsa, belə,
Mərdin ayağının kirinə dəyməz.
Əl deyil, qılıncdı şər yazan əllər,
Gül deyil, torpaqda bitməyən güllər.
Alqayıt, mənasız yaşanan illər,
Xoş keçən günlərin birinə dəyməz.
27 iyul 1998-ci il, Bakı.
Yollanim
Bağlayıbsan, aç yolumu, ilahi,
Baş götürüm, o dağlara yollanım.
Bənövşəni elə basım bağrıma,
Kol dibində kola dönüm, kollanım.
Qoy ayrılıq köhlənini yan çəksin,
Dağ zəlisi bədənimdən qan çəksin.
Çiçək olum, arı məndən şan çəksin,
Pətəyində bala dönüm, ballanım.
Sobaların çınqı qatım külünə,
Qocaların əsa tutum əlinə.
Bir yetimin sığal çəkim telinə,
Bir gözəlin yanağında xallanım.
Hanı mənim o gəncliyim, o yaşım?
Bəlkə tapdım, ayağına sarmaşım,
Əlik kimi qayasına dırmaşım,
Kəklik kimi daşdan-daşa tullanım.
Təklif alım tərəkəmə toyundan,
Onda çıxam bəlkə min bir oyundan.
Neçə-neçə bulaqların suyundan,
İstərəm ki, sərməst olum, hallanım.
Çoban qardaş deyin ocaq qalasın,
Nə ayrılıq, nə qəm bizi talasın.
Bağlar məni öz kökünə calasın,
Budaq olum, qayalardan sallanım.
Alqayıtam, Vətən imiş qibləgah,
Hər yaranmış öz elində şahdı, şah.
O dağlara göndər məni, ay Allah,
O dağlarda qocalanım, çallanım.
4 sentyabr 1998-ci il, Bakı.
Qurban
Ey ana Vətənim, cah-cəlalına,
Zəngin torpağına, daşına qurban.
Sərmə qaymağına, beçə balına,
Səbzə plovuna, aşına qurban.
Duman dağlarında, çən düzündəydi,
Aydınlıq gecəndə, gündüzündəydi.
Bərəkət atında, öküzündəydi,
Sənin kotanına, xışına qurban.
Laylayam, bəstəyəm telli sazına,
Əsəbi Kürünə, xan Arazına.
Səfalı yayına, nurlu yazına,
Olum payızına, qışına qurban.
Hikmət dəryasısan, söz meyarısan,
İgid məskənisən, ər diyarısan.
Sən dədəm Qorqudun yadigarısan,
Qədim tarixinə, yaşına qurban.
Alqayıta nə qarğış de, nə ası,
Bir ahınla yanasıyam, yanası.
Əsgər atasısan, şəhid anası,
Nəmli kipriyinə, qaşına qurban.
8 sentyabr 1998-ci il
Fərhad Qubadliya
Bəlkə sən bilirsən çərxi fələyin,
Niyə yoxdur mənlə arası, Fərhad?
Elimiz viranə, vətən yad əldə,
Varmı bu dərdlərin çarəsi, Fərhad?
Əsa tutub ayaq oldun sən mənə,
Zülmət günü mayak oldun sən mənə.
Dar günümdə dayaq oldun sən mənə,
Oldun ürəyimin parası, Fərhad.
Gileyimi öz yolundan əylədin,
Arxa mənəm, dayaq mənəm söylədin!
Qayğı çəkdin, dirijorluq eylədin,
Çoxaldı dostların sırası, Fərhad.
Dağıldı el-oba, düşdü dərinə,
Yad olduq dünyanın xeyri-şərinə.
Gizli qonaq getdim Xudafərinə,
Töküldü gözümün qorası, Fərhad.
Alqayıt qocaldı qəm çəkə-çəkə,
Qüssə bölük-bölük, sevinc bir tikə.
Sənin şəfqətinlə sağaldı bəlkə,
Vətəndir sinəmin yarası, Fərhad.
Bəri gəl
Səmayam, köksümdə neçə günəş var,
Bir az da dumanam, çənəm, bəri gəl.
Ocağam, külümdə od var, atəş var,
Naləyəm, fəryadam, ünəm, bəri gəl.
Təbibim, loğmanım, bəsdir bu fəryad,
Möhnət yuxusundan gəl məni oyat.
Sən mənə əbədi verilmiş həyat,
Mən sənə rütbəyəm, çinəm, bəri gəl.
Bir az da geciksən, tale göz yumar,
Ürəyə od düşər, qəlbə qan damar.
Məst olmaq istəsən, ey çeşmi xumar,
Şərab kuzəsiyəm, çənəm, bəri gəl.
Əsirin olmuşam xeyli zamandı,
Qovma dərgahından məni amandır.
Ürək bədənimə çilənən qandır,
Lalə yanaqlıdır sinəm, bəri gəl.
Tale ulduzuna dönən günəşəm,
Həmən qığılcımam, həmən günəşəm.
İndi qürublara enən günəşəm,
Qoyma üfüqlərdə sönəm, bəri gəl.
Əgər düşünməsən, duymasan məni,
Kül edib göylərə sovurram səni.
Qısqanclıq oduna qovurram səni,
Qorxuyam, heyrətəm, kinəm, bəri gəl.
Alqayıtam, eşit: – ülvidir bu səs,
Sənin istəklərin deyiləmmi, bəs?
Sevgi allahına toxunmaz heç kəs,
O sevgi allahı mənəm, bəri gəl.
1986-ci il, Gəncə.
Tələsdim
Dağlar, ağ yelkənə döndü ürəyim,
Sənin görüşünə elə tələsdim.
Qaldı bağlamada duzum, çörəyim,
Mirvari yağışa, selə tələsdim.
Ah çəkdim, lalələr yandı oduma,
Süslü bənövşələr yetdi dadıma.
Yemişan dərdiyim düşdü yadıma,
Çəmənə tələsdim, çölə tələsdim.
Varmı elə bir yer həzz almadığı,
Divanə könlümün saz çalmadığı?
Hədiyyə verdiyim, qız almadığı,
Pərişan çiçəyə, gülə tələsdim.
Mənə qayğı çəkən, oğul ad verən,
Qəlbə fərəh verən, ruha dad verən.
Geniş səma verən, qol-qanad verən,
Müqəddəs obaya, elə tələsdim.
Alqayıtam, dağlar, vurğunam sənə,
Vurğunam çayların zümzüməsinə.
Analı dünyamın titrək səsinə,
Telimi oxşayan ələ tələsdim.
1986-ci il, Xanlar.
Qizim
Nənəm Məhsətinin yadigarısan,
Mərhaba hüsnünə, mərhaba, qızım.
Yaşa, keçmişini yaşatmaq üçün,
Yazdır şöhrətini kitaba, qızım.
Əsrin sürətindən üzülmə qəti,
Öz alın tərinə eylə minnəti.
Vətən məhəbbəti, el məhəbbəti,
Gətirsin dilini xitaba, qızım.
Baxıb paltarıma, boynunu bükdün,
Quş kimi bu evdən, o evə səkdin.
Gözüm görə-görə sən ütü çəkdin,
O köhnə, yamaqlı coraba, qızım.
Pak olsun hüsnünə tutduğun ayna,
Çaylar kimi çağla, bulaq tək qayna.
“Cəngi”, “Tərəkəmə”, “Vağzalı” oyna,
Qoy sənə əl çalsın el-oba, qızım.
Könlün obalardan ilham alarsa,
Sevincdən, fərəhdən gözün dolarsa,
Ovcunda zəhmətin izi qalarsa,
Bax, odur ən böyük zər-ziba, qızım.
Vətən öz gülündür, öz gülşənindir,
Bayquşu ram eylə, bülbülü dindir.
Gələcək sənindir, dünya sənindir,
Dözsən hər ağrıya, əzaba, qızım.
Alqayıtam, həyat məni səsləyir,
Kimlər alqışlayır, kimlər pisləyir.
Səndən qəhrəmanlıq, hünər gözləyir,
Bu dünya, bu mühit, bu hava, qızım.
1984-cü il, Xanlar.
Ana
Sevgi sətirimsən, vüsal dəmimsən,
Qeyri məhəbbətə uymaram, ana.
Sən xoşbəxt yaşasan, bəxtiyar olsan,
Mən öz taleyimi duymaram, ana.
Eşqindir ilhamım, laçın vüsətim,
Gözdə ehtişamım, qolda qüvvətim.
Sənə dərd olmasın qəmim, möhnətim,
O məhzun çöhrənə qıymaram, ana.
Nə qədər acizəm mən sənə qarşı,
Günəşə, torpağa, Vətənə qarşı.
Pələng doğulmuşam düşmənə qarşı,
Arzunu gözündə qoymaram, ana.
Duyduqca bu dünya bir fəlakətdir,
Mənə də çoxları xəyanət etdi.
Sənin şəfqətinlə sağalıb getdi,
Ürəkdə həsrətim, hər yaram, ana.
Alqayıtam, dinlə məni ahəstə,
Fələk ömrüm ilə girəcək qəsdə.
Hər gün qonaq gəlib məzarım üstə,
Min layla çalasan, doymaram, ana.
1978-ci il, Göyçə.
Dedin
Bir alim dostuma
Səni tənqid etdim, əvəzində, dost,
Mənə naşı dedin, bisavad dedin.
Özün bu torpağa yad ola-ola,
Mənə ögey dedin, mənə yad dedin.
Döydü qapımzı yağlı kökələr,
Mənliyi xırdalar, adı yekələr.
Xarici mebellər, haram tikələr,
Evində tutuldu, nə isbat dedin?
Həqiqət önündə büküldü dizin,
Vətən torpağında qalmadı izin.
Elin qüdrətindən kor oldu gözün,
Bu cənnət yurduma xarabat dedin.
Aldada bilsən də qanmazı, xamı,
Alim dühasının başqadır tamı.
Elmdə, sənətdə ucaldı hamı,
Sən özün-özünə hələ yat, dedin!
Mədəniyyət deyil panama, papka,
Bir ev qiymətinə aldığın yupka.
Gəzdin layka plaş, xurumlu kepka,
Hər kəlmə başında diplomat – dedin!
Həris gözlərinə mil tutulanda,
Nitqin qıfıllanıb dil tutulanda.
Əlində nömrəli pul tutulanda,
Evimiz yıxıldı, ay arvad, – dedin.
Sən ki Alqayıta deyirdin dəli,
Yat, əziz qardaşım, yat on dörd ili!
Getdi başqa ərə, arvad da, bəli,
Ey vəfasız dünya, ey həyat, dedin!
1985-ci il, Xanlar.
Bir də gəl
Ey şəfam, şəfqətim, gözüm yoldadır,
Yastı çəmənlərə, düzə, bir də gəl.
Kədəri böyükdür tut ağacının,
O köhnə cığıra, izə, bir də gəl.
Sənsiz bu dağlarda çənəm, çiskinəm,
Ömrü səksəkəli, bəxti küskünəm.
Elə nisgilliyəm, elə miskinəm,
Çatılıb əllərim dizə, bir də gəl.
Nə qədər möhnətə, dözmüşəm sənsiz?
De, hansı çiçəyi üzmüşəm sənsiz?
Görüş yerlərini gəzmişəm sənsiz,
Sancılıb bağrıma nizə, bir də gəl.
Gəl, yenə çoxalsın qayğım, təsəllim,
Əlinə dəyəndə titrəsin əlim.
Nitqim qıfillansın, lal olsun dilim,
O şirin söhbətə, sözə, bir də gəl.
Ruhuma doğmadır, qartalın səsi,
Çiçək toplamaqda gəl tutaq bəhsi.
Çıxsın yadımızdan palıd hikkəsi,
Kababı yandıraq közə, bir də gəl.
Bir mənəm, bir xəyal, bir həzin tütək,
Möhnət olan yerdə nə gül, nə çiçək?
Üzərrik yığmışam sənə bir ətək,
Qoymaram gələsən gözə, bir də gəl.
Alqayıtam, eldə qəm çəkə-çəkə,
Biganə qalmadım anda, məsləkə.
Bu qədər möhnətə, bu qədər yükə,
Çətin ki, ürəyim dözə, bir də gəl!
1987-ci il, Gəncə
Bəs hani?
Bu həmin qayadır, o həmin gədik,
Hanı gəncliyimin izi, bəs hanı?
O ülvi neməti görən neylədik,
Kimlər məhv eylədi bizi, bəs hanı?
İllərin möhnəti yaşa toxunub,
Bahar ömrüm yoxsa qışa toxunub?
“Gizlən-qaç” oynunda daşa toxunub,
Çapılan ayağı, dizi bəs hanı?
Heç nəyə marağım yoxdur, inanın,
Döndü göz yaşıma hökmü zamanın.
O itən gəncliyin, o pak vicdanın,
Xəyalı məndədir, özü bəs hanı?
Baxışı vüqarlı, andı dəlisov,
Lalam hüzurunda, dinəmmirəm – of!
EIə bil səngiyib o çınqı, o qov,
Yandırmır atəşi, közü bəs hanı?
Qısqanclıq gödəlib, kinlər azalıb,
Nalələr, fəryadlar, ünlər azalıb.
Elə bil, təqvimdə günlər azalıb,
Ömür yaxalamır yüzü, bəs hanı?
Əyiləm önündə qibləgah kimi,
Düşəm ayağına səcdəgah kimi.
Şikarı bağlanmış bir səyyah kimi,
Dolanmır çəməni, düzü, bəs hanı?
O günlər məhv oldu, itdi, Alqayıt!
Yerində qüssələr bitdi, Alqayıt!
Deyəcəklər, öldü, getdi Alqayıt,
Yadigar söhbəti, sözü, bəs hanı?
1983-cü il, Xanlar
Söyüdlər
Baxdım sərhəd boyu ağlatdı məni,
Tikanlı, məftilli, simli söyüdlər.
İllər ayrısıdır, il dustağıdır,
Gözləri qan yaşlı, nəmli söyüdlər.
Bir elin doğması, həm yadısınız,
Könül ahısınız, fəryadısınız.
Siz də bu torpağın övladısınız,
Ay həzin laylalı, bəmli söyüdlər.
Alqayıtam, müjdə gətirin mənə,
Bükün bir kağıza, ötürün mənə.
Vətən birliyini yetirin mənə,
Pərişan söyüdlər, qəmli söyüdlər.
1985-ci il, Cəlilabad.
Altinda
De, hardasan, ey Zərduştüm, Hörmüzüm,
Əsir qaldıq bu gərdişin altında.
Həqiqətlər, əfsanələr puç oldu,
Zəhər daddıq nəvazişin altında.
Yeyəmmədik, qana döndü payımız,
Haysız qaldı harayımız, hayımız.
Buza döndü baharımız, yayımız,
İsinmədik al Günəşin altında.
Soran yoxdur, bu nə dağdı, düyündü?
El ağladı, bədxah ona söyündü.
Nəzarətsiz, haqqsız, muzdsuz üyündü,
Neçə mahal, neçə dişin altında.
Nə ad verim bu zamana, bu çağa?
Qəm göyərir, baxsan hansı bucağa.
Kəc baxdılar, daş atdılar ocağa,
Külə döndü kabab şişin altında.
Ay Alqayıt, zər taxtına güvənmə,
Bu çağına, bu vaxtına güvənmə.
Tərəqqinə, şeş bəxtinə güvənmə,
Yek gizlənib həmin şeşin altında.
1987-ci il, Qazax.
Sən dəymə!
Sənə görə yaman dəymədüşərəm,
El dəysin xətrimə, təkcə sən dəymə.
İldırım kükrəsin başımın üstə,
Sel dəysin xətrimə, təkcə sən dəymə.
Qəriblik görmüşəm, neçə dağ-aran,
Ayrılıq könlümü eyləyib viran.
Bir ömrü yarıya bölüb aparan,
İl dəysin xətrimə, təkcə sən dəymə.
Şahidi olmuşam hər toyun, yasın,
Qoy, məni qüssələr, qəmlər çulğasın.
Qönçələr ah çəksin, çiçək qarğasın,
Gül dəysin xətrimə, təkcə sən dəymə.
Alqayıt heç kəsdən inciməz, inan,
Bakı nalə çəkib, inləsə Şirvan.
Gəncə, Təbriz, Tehran, Qarabağ, Muğan,
Mil dəysin xətrimə, təkcə sən dəymə.
1986-ci il, Mingəçevir.
Qal, Kərəm
Əsli və Kərəmin qəbri üstündə.
Məzarını ziyarətə gəlmişəm,
Yar eşqi ilə bir “Kərəmi” çal, Kərəm.
Sən yanalı müqəddəslik yanıbdı,
Heyrətlərə, qüssələrə dal, Kərəm.
Əsli uçub, düymə qalıb əlində,
Sevgi andı bəstələnib dilində.
Bir atəşsən, od gizlənib külündə,
Əsrlərdən qisasını al, Kərəm.
Ahın, ünün bir vüsala möhtacdır,
Bu istəyin kainata nur saçdı.
Sənin odun zülmətlərə yol açdı,
Dayanmışam hüzurunda lal, Kərəm.
Həyat sandın o müqəddəs röyanı,
Əsli köçü bir də haçan dayanı?
Sən yananda şimşək döydü qayanı,
Suya döndü dəryalarda sal, Kərəm.
Alqayıtam, o anları görməzsən,
Xumarları, Sənanları görməzsən.
Oyanarsan, yananları görməzsən,
Necə varsan, eləcə də qal, Kərəm.
1987-ci il, Qara Keşiş kəndi.
Ağlama
Demədimmi bir yaralı ürəyəm,
Ey dəcəlim, xətakarım, ağlama,
Göz yaşından bayquşlara dönərəm,
Sən olarsan günahkarım, ağlama.
Can istədim, can almağa can atdın,
O gülləni ürəyimə yan atdın,
Qaysaqlanmış bir yaranı qanatdın,
Şəfa gətir, şəfakarım, ağlama.
Bu tanışlıq, gör ömürdən nə sayıb,
Təşvişdəyəm, var bədənim sarsıyıb.
Şaxta vurub, xəzan məni qarsıyıb,
Ümid yerim, ilk baharım, ağlama.
Elə tökmə gözlərinin yaşını,
Oyadarsan nabələdi, naşını.
Qəm göynətdi ürəyimin başını,
Qan ağladı bağçam, barım, ağlama.
Sənin həsrətindən xəstələnmişəm,
Dözümsüz olmuşam, üstələnmişəm.
Bəstəkar qəlbində bəstələnmişəm,
Rübabım, kamanım, tarım, ağlama.
Özüm də bilmirəm nədir bu istək,
Bir şübhə, bir inam, bir əl, bir ətək.
Müqəddəs düşüncəm, duyğularım tək,
Olarsan qeyrətim, arım ağlama.
Ülvi baxışları döndərmə yana,
Arxadır, köməkdir insan insana.
Qüssələr bağrımı döndərər qana,
Qəm açar üzümdə şırım, ağlama.
Alqayıtam, yollarımda fanar ol,
Ömrün boyu günəş kimi yanar ol.
Aç qəlbini, inadından kənar ol,
Ay mənim dövlətim, varım, ağlama.
1987-ci il, Mingəçevir.
Demədimmi
Ay inadkar, dəcəlxata, insafsız,
Ələnib başıma qar, demədimmi?
Yaralarım qaysaq atar, qanayar,
Ürəkdə həsrətim var, demədimmi?
Təntiməz, büdrəməz söykənən dağa,
Ağlasan, göz yaşın dönər bulağa.
Sənin vücuduna başdan-ayağa
Qeyrət demədimmi, ar demədimmi?
Mən səni duyuram, düşünürəm hey,
Surə qaşlarındır, nə əlif, nə bey!
Hissimə, duyğuma yaralı bir ney,
Qəlbimə inləyən tar demədimmi?
Çəkə bilsən, bu cəfamı, cəbrimi,
Qəza qırmaz, fələk kəsməz səbrimi.
Ölən günü, ay insafsız, qəbrimi,
Titrək əllərinlə yar, demədimmi?
Alqayıtam, eşit, unutma qəti,
Ömür gedər-gəlməz, səs müvəqqəti.
Ürəkdə yurd salan qəmi, möhnəti,
Eyləmə aləmə car, demədimmi?
1987-ci il, Tanrıqullar kəndi.
Məni də səslə
Ay ellər gözəli, çıx seyrəngaha,
Keçibdir zimistan, yaz gəlib daha.
Ülvi gələcəyə, nurlu sabaha,
Min bir təranə yaz, min ümid bəslə.
Məni də harayla, məni də səslə.
De, kim olmaz gözlərinin fədası,
Baxışının, yerişinin ədası?
Hər yetənə bəli demə, qadası,
Bağla ülfətini bir aqil kəslə.
Məni də harayla, məni də səslə.
Unutma hörməti, unutma xətri,
Qoy ellər adına bağlasın çətri.
Səni məst eyləsə güllərin ətri,
Çılğın baxışlarla, isti nəfəslə,
Məni də harayla, məni də səslə.
Mərhəmət hissindən çoxdur sitəmin,
Vüsaldan şirindir həsrətin, qəmin.
Dərin dəryalarda qərq olsa gəmin,
Təmiz duyğularla, səmimi hisslə,
Məni də harayla, məni də səslə.
Alqayıt neyləyir varı, dövləti,
Zər-ziba deyilmi könül vəhdəti?
Ağır sınaqlardan çəkinmə qəti,
Hazıram yolunda min bir həvəslə,
Məni də harayla, məni də səslə.
1987-ci il, Tanrıqullar kəndi.
Getdi
Rahatlıq bilməyən könlümün quşu,
Min arana düşdü, min dağa getdi.
Bir də yuvasına dönə-dönməyə,
Əhdinə, andına sadağa getdi.
Kim saldı bəxtini qana, bilmədi,
Yanmağa can atdı, yana bilmədi.
Bir həzin budağa qona bilmədi,
Nə qədər yaxına, uzağa getdi.
Yolunda tufanlar əsib, deyirlər,
Çən bəndi, bərəni kəsib, deyirlər.
Bahar taleyindən küsüb deyirlər,
Şaxtaya, borana, sazağa getdi.
Yadıma düşəndə, Avey, Göyəzən,
Ruhum asimana çəkilir bəzən.
Qıy vurub köksündə qartallar gəzən,
Müqəddəs torpağa, ocağa getdi.
Bir həlim düşüncə, bir ilıq nəfəs,
Alqayıt, səadət deyildimi bəs?
Könül sarayını tərk edən bu səs,
Yəqin ata yurdun Qazaxa getdi.
1987-ci il, Qazax.
Ağlim
Min vəd eyləsələr, yatmaz, bilirəm,
Şöhrət laylasına yatmayan ağlım.
O sısqa çaylarda batmaz, bilirəm,
Dərin dəryalarda batmayan ağlım.
Asana qaçmadı, sevdi çətini,
Qazandı ellərin məhəbbətini.
Vətən torpağının naz-nemətini,
Gümüş qədəhlərə satmayan ağlım.
Alqayıt tanıyır qibləgahını,
Ulu xilqətini, səcdəgahını,
Yaşasın dərk edib öz günahını
Özgəni müqəssir tutmayan ağlım!
1984-cü ıl, Qırmızı Samux.
Məni
Uç, ülvi xəyalım, vəfalı yarın,
Hərdən bir başına dolandır məni.
Ürəyində gizli qalan, inləyən,
Möhnət, sirr başına dolandır məni.
Qanlı döyüşlərdi qartala şərəf,
Quzğunlar nə üçün qıy vurur, ya rəbb?
Çəkmə ətəyimdən çaqqala tərəf,
Pələng, şir başına dolandır məni.
Alqayıtam, ömr eylədim inadlı,
Uç, ülvi xəyalım, qollu, qanadlı,
Məhəbbət ünvanlı, sədaqət andlı
Səslə, pir başına dolandır məni.
1982-ci il, Gəncə.
Məndən
Buyur, rəngimdəki ölməzliyə bax,
Soruşma Vətənin adını məndən.
Bir ana bətnində yatmış olsa da,
Soruş doğmasını, yadını məndən.
Qartalam uçuşda, pələngəm zorda,
Bir insan oğlunu qoymaram darda.
Qışın zillətində, boranda, qarda,
Taparsan günəşin odunu məndən.
Misri qılınc hiddətini qoşalar,
Çənlibelim yenə dolar, boşalar,
Üstünə yerisə bəylər, paşalar,
İstə Koroğlunun atını məndən.
Alqayıt Vətənsiz qala bilmədi,
Dünyanın seyrinə dala bilmədi.
Yadellər çalışdı, ala bilmədi,
Bu ana torpağın dadını məndən.
1983-cü il, Xanlar şəhəri.
Gözləyir
Prezidentimiz Türkiyədə müalicə olunarkən
Heydər baba, başsız qoyma ölkəni,
Ana Vətən, gəl, yolunu gözləyir.
Hörmüz donlu bir müqəddəs ətəyə,
Həsrət qalan əl yolunu gözləyir.
Günəş ziyasıdır qəlbindəki nur,
Yerişin əzəmət, baxışın məğrur.
Nisgilli Qarabağ, Göyçə, Zəngəzur,
Köçkün oba, el yolunu gözləyir.
Sən gedəli çiçək açmır bağça, bağ,
Sən gedəli tapdanıbdı qol-budaq.
Murov, Muşov, əzəmətli Dəli dağ,
Gəl ki, Muğan, Mil yolunu gözləyir.
Qarğa, quzğun qartallaşan zamandır,
Vermə bizi yad əllərə, amandır.
Sən gedəli ətrafımız dumandır,
Leysan, yağış, sel yolunu gözləyir.
Alqayıt, mükəddər olmağa qoyma,
Heç kəsi saralıb solmağa qoyma,
Əlləri qoynunda qalmağa qoyma,
Azərbaycan bil, yolunu gözləyir.
25 yanvar 1999-cu il, Bakı.
Kəndə mən
Xəbərsizəm baharımdan, qışımdan,
Müjdə gəlmir torpağımdan, daşımdan.
Şimşək çaxsın, od ələsin başımdan,
Bəlkə azam bir dumanda, çəndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
Zalım həsrət qanmı sağır gözümdən?
Perik düşüb, o çal-çağır gözümdən.
Düz on ildir kədər yağır gözümdən,
Köks ötürdüm, ömr eylədim ündə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
Həyat vardı o söhbətdə, o sözdə,
Qovrulaydım o çınqıda, o közdə,
O gədikdə, o cığırda, o izdə
Bəlkə saldım bir gözəli bəndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
Ana Vətən, kor olaydım tüstünə,
Sən kim idin, kimlər girdi qəsdinə?
Haray deyib cəlladların üstünə,
El yerisə, dayanaram öndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
Ayrı düşdük neçə dostdan, qohumdan,
Dağlar, daşlar dilə gəlib ahımdan.
Buzlu bulaq niyə çıxmır yuxumdan?
Ağlayıram, sızlayıram gündə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
Nə həzinmiş, nə kövrəkmiş bayatın,
Aman Allah, sonu buymuş həyatın?
Hörüyünü dəyişərdim Göy atın,
Yemləyərdim toyuqları hində mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
Zalım fələk saydığını sayırdı,
Ruhu candan, canı ruhdan ayırdı.
Alqayıtam, mənliyimi sıyırdı,
Görməmişəm belə dinsiz rəndə mən,
Darıxmışam, qoyun gedim kəndə mən.
Düşərdi
Aldanıb getsəydi fıtnə-fəsada,
İnsan qovğalara, hərbə düşərdi.
Mehriban qardaşın, doğma bacının,
Biri şərqə, biri qərbə düşərdi.
Düşmən kəsilərdi qoyunla quzu,
Qılınca dönərdi dağların buzu.
Hamı tapdayardı çörəyi, duzu,
Ürəklərə neçə qəlpə düşərdi.
Alqayıt, əyməyib düzü kişilər,
Üzə söyləyibdir sözü kişilər.
Qadın olmasaydı, bəzi kişilər,
Qadın üstə müharibə düşərdi.
1982-ci il, Gəncə.
Dəyməsə
Təbiət soyunmaz ağ örpəyini,
Baharın nəfəsi qara dəyməsə.
Yapalaq şah olar, quzğunlar ağa,
Tərlanın caynağı sara dəyməsə.
Enişdir, yoxuşdur ömür pilləsi,
De, azmı güldürüb ağlayan kəsi?
İnsana neyləyər düşmən gülləsi,
Özündən-özünə yara dəyməsə?
Vaxtında seçməsən qohumu, yadı,
Olacaq qismətin könül fəryadı.
Alqayıt, neyləyər bəşər övladı,
Taledən bəxtinə qara dəyməsə?
1975-ci il, Göyçə
Mənə nə
Bu dünyanın baharı var, qışı var,
Bir sehirli kainatdı, mənə nə?
Dərd əlindən neçəsinin ürəkdə,
Ağrıları qatbaqatdı, mənə nə?
Yar, yar deyir, tanımayan yarını,
Xəzan döydü bağçasını, barını.
Bu dünyanın dövlətini, varını,
Kim qazandı, kimə çatdı, mənə nə?
Nə gözlədik, nələr gördük həyatda,
Daha yoxdur tənəzzülə nicat da!
Çox çalışdı ömür adlı şahmatda,
Kimlər uddu, kimlər matdı, mənə nə?
Ləkələdik ləkəsizi, kirsizi,
Böhtan atdıq, sözə qoyduq ərsizi.
Ana yurdun yaramazı, fərsizi,
El adına min daş atdı, mənə nə?
Aman Allah, elə gəldi gələcək,
Çəmənlərdə yasa batdı gül, çiçək.
Ay Alqayıt, yedək axtar, avar çək,
Dəryalarda gəmin batdı, mənə nə!
1990-cı il, Bərdə, İmirli kəndi.
Mənimkidir
Ey dost, çiçəyinə həsrət qaldığım,
O çayır, o çəmən, düz mənimkidir.
Danışa bilmirəm, dinə bilmirəm,
Nərgizdən həyalı üz mənimkidir.
Futluyar geydirib səcdə qıldığın,
Yaxşı bax, kamandır, tardır çaldığın.
Adına bağlayıb orden aldığın,
Mahnı mənimkidir, söz mənimkidir.
Atılsa köksümdən neçə min lağım,
Yenə göyərəcək qolum, budağım.
Bircə gün oduna qızınmadığım.
Ocaq mənimkidir, köz mənimkidir.
Kimdən istəyirsən get eylə soraq,
Qanlı döyüşlərə Vətəndir yaraq.
Ulduzlar qoynunda sönməyən çıraq,
Ayda bükülməyən diz mənimkidir.
Alqayıtam, məni yaxşı dinlə sən,
Ruhuma doğmadır o çisək, o çən.
Yalçın qayalarda tarixə dönən,
Cığır mənimkidir, iz mənimkidir.
1976-ci il, Göyçə.
Sizi
Tərəqqidən tənəzzülə gülməyin,
Dövran amansızdır yandırar sizi.
Vaxt gələr, taleyin buz dodaqları
Sükut laylasında dondurar sizi.
Namərdin atına minmək çətindir,
Qanmazın önündə dinmək çətindir.
Qalxmağa nə var ki, enmək çətindir,
Salar vəzifədən, sındırar sizi.
Alqayıt, hər kəsin öz mənliyi var,
Utanmır bəs onu tapdalayanlar?
Ay mənim sözümə gülən nadanlar,
Bu çərxi fələkdir – qandırar sizi.
1972-ci il, Göyçə mahalı.
Üstə
Sən əhdi, ilqarı danandan bəri,
Bir qış da gətirdin qışımın üstə.
Neçə qəm donuna büründü canım,
Neçə yaş qalandı yaşımın üstə.
Görüş yerlərinə eylədim güzar,
Susdu eşqimizin şahidi çinar.
Şikayət eylədim səndən o ki, var,
Buludlar kükrədi başımın üstə.
Dedim: – Alqayıtam, mənalı baxdın,
Cismimi odlara yandırıb yaxdın.
Gönül sarayımı sən elə yıxdın,
Bircə daş qalmadı daşımın üstə.
1978-ci il, Göyçə mahalı
Bir duy, düşün
Bir duy, düşün, kor etməyə tələsmə,
Dağlar, sənin gözlərində didəyəm.
Dərmanı tapılmaz verdiyin dərdin,
Ömrü boyu sağalmayan zədəyəm.
Toxunmaram bir taleyi yatqına,
Əlləri, qolları, dizi çatqına.
Möhtəkirə, müftəxora, satqına,
Düz deyiblər, təhlükəyəm, hədəyəm.
And-qəsəm yerimdir bu el, bu oba,
Ölərəm, sözümdən dönmərəm, toba!
Qartala qanadam, pələngə yuva,
Bal gətirən arılara pətəyəm.
Uzaq düşüb taleyimin ulduzu,
Kipriyimdə qayaların sal buzu.
İsgəndərin buynuzu var, buynuzu,
Bunu çalan, elə yayan tütəyəm.
Alqayıta nə gülürsən, a dünya,
Kimliyini düşünmürsən, a dünya?
Azmı, çoxmu sən bilirsən, a dünya.
Əlsizə əl, ətəksizə ətəyəm.
1985-ci il, Xanlar.
Qaldim
Atalar deyibdir: yetən üyüdər,
Buna inanmadım, yatılı qaldım.
Sən zalım fələkdə insafa bir bax,
Urvası unnuxda qatılı qaldım.
Qaydası bəd gəlir çarxı gərdişin,
İstərsə ox olub bağrımı deşin.
Düşdüm girdabına bu haqsız işin,
Əlləri qoynunda çatılı qaldım.
Alqayıtam, çoxdur əldə əsasım,
Həm qəmim, sevincim, həm toyum, yasım,
Sındı dar ağacım, itdi kompasım,
Gəmisi dəryada batılı qaldım.
1980-ci il, Göyçə.
Hələ də
Cənub həsrəti.
Ey Təbrizim, anadillər susalı,
Zər tunc olub, mis qatılıb lələ də.
Zaman özü ələyindən keçirir,
Girinc olub, seçə bilmir hələ də.
Möhtəkirlər yaman tutdu yükünü,
Dözülməzdir pələng ahı, fil ünü.
Yalquzaqlar talan etdi sürünü,
Şir quyruğu girov qalıb tələdə.
Qurd quzuya, tülkü hinə pasiban,
Qarğa-quzğun bir-birinə mehriban.
Yançılara fıkir vermir baş çoban,
Nələr gəlir, nələr gedir şələdə.
Dərd sinəmi dağlamasın neyləsin,
Ürək qəmdə çağlamasm neyləsin?
Yazıq bülbül ağlamasın neyləsin?
Xar yapışıb, qanqal qonub gülə də.
Sərhəd boyu bir ün atım, ünləyim,
Şəhriyarı yada salım, inləyim.
Oxu, Araz, oxu, səni dinləyim,
Təşnə qəlbə bir dəryadır gilə də.
Zülmətlərə şölə saçaq biz gərək,
Dar ayaqda bükülməsin diz gərək.
Ey Təbrizim, qalx ayağa, süz görək.
Haqsız yerdə oxa dönər pilə də!
Addımbaşı zəli kimi sorulduq,
İstəyindən, arzusundan vurulduq.
Milçəklərə əl çalmaqdan yorulduq,
Qorxumuzdan fil demədik, filə də.
Xiyabanim, Səttar xanım səs eylər,
İgidlərim düşmən payın nəs eylər.
Fatehlərin yağlı vədi bəs eylər,
Od gizlənib, əl vurmayın külə də.
Ay Alqayıt, gümanın az, dərdin çox,
Qəlbin atəş, əqidən nur, fıkrin ox!
Xudafərin körpüsündən əsər yox,
İtkin düşüb Xan Kərəm də, Lələ də!
1987-ci il, Gəncə
Aşiq ələsgərə
Yondu heykəlini öz əllərilə,
Ələsgər tarixə bir gəldi getdi.
Mərdə tərif dedi, dastan bağladı,
Namərdin gözünə tir gəldi getdi.
Dünya sərvətindən çəkdi əlini,
Mənəm deyənlərin kəsdi dilini.
Ana-bacı bildi qızı, gəlini,
Sənət dünyasına pir gəldi getdi.
Sonsuz ümman idi, elə rəğbəti,
Müdrik kəlamları, sözü, söhbəti.
Qəlbində dəfn oldu, ilk məhəbbəti,
Möcüzə yarandı, sirr gəldi getdi
Möhnət qapısını döyən ustadın,
Qəza qamətini əyən ustadın.
Bisavad aşığam, deyən ustadın,
Dodağında zəbər, zir gəldi getdi.
Alqayıtam, dərdli ozan çox olub,
Sirr söyləyən, yuxu yozan çox olub,
Saz götürüb, şer yazan çox olub,
Yazıq Ələsgərim şir gəldi, getdi.
1990-cı il, Xanlar.
Düşübdür
Bir də o yerlərə dönə biləydim,
Yaylaqdakı hal yadıma düşübdü.
Az qalır unudam kənd həyatını,
Qoyun-quzu, mal yadıma düşübdü.
Göy atdakı məstedici yorğalıq,
Üşüyəndə büründüyüm arxalıq.
Köpüklü çaylarda tutduğum balıq,
Sürüşkənli sal yadıma düşübdü.
O dumanlı dərə, o qövsü-qüzeh,
Səhər dəli külək, axşam üstü meh.
Babamın taleyə baxdığı təsbeh,
Nənəm açan fal yadıma düşübdü.
Səadət yolumdur, dağlar, hər izin.
Vətən torpağından güc alıb dizin,
Boynubükük bənövşənin, nərgizin,
Üzündəki xal yadıma düşübdü.
Dahilər yetirib o torpaq, o yer,
Nadan ülfətində dad olmaz, xeyir!
Bəhmanın yazdığı gözəl bir şeir,
“Kərəmi”ni çal, yadıma düşübdü.
Zəmanə qorxulu, ömür-gün yarı,
Bir də o yerlərə, dönəydim barı.
Əlinin, Düldülün ilk yadigarı
Daş üstdəki nal yadıma düşübdü.
Alqayıt, el olub elin gərəyi,
Həyat tablosudur insan ürəyi.
Anamın yapdığı, təndir çörəyi,
Sərmə qaymaq, bal yadıma düşübdü.
1985 ci il, Tərtər rayonu.
Keçmişimə qaytarin
Yara könül açdım dağ ətəyində,
İnlədim çobanın yan tütəyində,
Bu sirli dünyanın bal pətəyində,
Möhnət yığın-yığın, dərd qucaq-qucaq,
Məni keçmişimə qaytarın ancaq.
Məlhəmdir dağların sərin havası,
Hər quşun öz doğma yurdu, yuvası.
Könlümün pərişan, qəmli nəvası,
Bir deyin, nə qədər yetim qalacaq?
Məni keçmişimə qaytrın ancaq.
Demirəm, qəribəm, yalqızam, təkəm,
Zərdüştlər diyarı deyilmi ölkəm?
Nə vaxtdır dağlarda sürünmür kölgəm,
Dünya gedər-gəlməz, həyat oyuncaq,
Məni keçmişimə qaytarın ancaq.
Qalıbdır ellərin xətri yadımda.
Lalənin, nərgizin çətri yadımda.
Yaylıq almasının ətri yadımda,
Cənnətə misaldır o bağça, o bağ,
Məni keçmişimə qaytarın ancaq.
Alqayıt, Təbrizin yolları bağlı,
Ayağı qandallı, qolları bağlı.
Orda milyonların sinəsi dağlı,
Altımda köhlən at, əlimdə yaraq,
Məni keçmişimə qaytarın ancaq.
1987-ci il, Qazax.
Bu torpaq
Heç kim toxunmasın Azərbaycana,
Yaralı pələngdir, şirdir bu torpaq.
Döşündən süd verib Prometeyə,
Müqəddəs ocaqdır, pirdir bu torpaq.
Zərdüşt dodağında dürlü kəlmədi,
Dünya xalısından keçən ilmədi.
Fatehlər çalışdı bölə bilmədi,
Əzəldən bir olub, birdir bu torpaq.
Məşhurdur aləmə xeyri-şərilə,
Təbibdir, loğmandır min cövhərilə.
Yoğrulub babamın alın təriylə,
Gövhər yatağıdır, zərdir bu torpaq.
Günəşdən alıbdır sönməzliyini,
Qeyrət zirvəsindən enməzliyini.
Ölüm ayağında dönməzliyini
Babam Nəsimiyə verdi bu torpaq.
Dilə gətir Qobustanda hər daşı,
Ulu tariximi öyrən, ay naşı.
Xəzər ətəyində donan göz yaşı,
Məftilli Arazdır, Kürdür bu torpaq.
Tanındıq aləmə od libasında,
Yaşadıq həqiqət təmannasında.
Qeyrətim, həyam var Qız qalasında,
Belə möcüzədir, sirdir bu torpaq!
Yolumuz əbədi kəhkəşan yolu,
Andımız Babəkin kəsilən qolu.
Odur ki, göylərdən uludur, ulu
Mehdinin, Həzinin yurdu bu torpaq.
Səndən soruşuram: – kim olub atan?!
Ya məslək oğrusu, ya da yurd satan!
Tutduğun mövqedən, a dinsiz utan!
“Rast”dır, “Cahargah”dır, “Şur”dur bu torpaq.
De, neçə qitədən dilədin aman?
Sizdə nə ar varmış nə ilqar, iman.
Vətən göylərindən çəkildi duman,
Tanıdı quzuyla, qurdu bu torpaq.
Alqayıtam, axı, dedim min kərə,
Siz elə bilməyin xəlvətdir dərə.
Xəbis ürəklərə, daş ürəklərə,
Nifrət qılıncını vurdu bu torpaq.
20 yanvar 1990-cı il, Bakı.
Dağlara
Ötə qış ayları, gələ bahar-yaz,
Təbiət könlünü aça dağlara.
Ulduz cilvələnə, ay bədirlənə,
Günəş bayrağını saça dağlara.
Səhərin mehindən titrəyəm, əsəm,
Çətin ki, bu yurddan inciyəm, küsəm.
Dərədə hürküdəm, bərəni kəsəm,
Bir ahu balası qaça dağlara.
Orda tamamlayam sevgi sətrini,
O məsum anların biləm qədrini.
Süslü bənövşənin duyub ətrini,
Könlüm pərvazlana, uça dağlara.
Yalın ayağımı titrədəydi şeh,
Pərişan telimi darayaydı meh.
O şimşək qayalar, o qövsü-qüzeh,
Danışa dərdimi aça dağlara.
Gərdəni minadır, boyu sürahi,
Qüzeylər nəğməkar, güneylər dahi.
Nə qədər dəyanət verib ilahi,
Vüqarı özündən uca dağlara.
Aldanmaz möhnətə, əyilməz zərə,
Səngərdi, qaladır, əhli-hünərə.
Zirvəsi zirvədir, dərəsi dərə,
Vəfasız demişik, bica, dağlara.
Alqayıtam, cisirlənən bir dizik,
Damcılara həsrət qalan dənizik.
Hər il cavanlaşır, qocalan bizik,
Amandır, deməyin qoca, dağlara!
27 dekabr 1995-ci il, Xanlar.
Ana
Yenə niyə fıkirlisən, qəmlisən,
Baxışına qurban olum, ay ana.
Bəstələnib dodağıma, dilimə,
Axışına qurban olum, ay ana.
Bəs deyilmi, məlul-məhzun durduğun,
Çırpındığın, hey özünü yorduğun?
O qotazlı corabıma vurduğun,
Naxışına qurban olum, ay ana.
Səngiməyib sən çatdığın od-ocaq,
Beşiyimə gizlətdiyin oyuncaq.
İldırımsan, başım üstə kükrə, çax,
Çaxışına qurban olum, ay ana.
Nə qamətdir, o nə qəddir bükdüyün?
Nəğmə dolu bir ürəkdir sökdüyün.
Sinən üstə ələdiyin, tökdüyün,
Göz yaşına qurban olum, ay ana.
Sevinc dedim, qəm ələndi payına,
Ulduzuna, günəşinə, ayına,
Payızına, baharına, yayına,
Sərt qışına qurban olum, ay ana.
Bir qartalsan, məskənini dağ görüm,
Ətrafını bağça görüm, bağ görüm.
Təşnə qəlbəm, başım üstə yağ görüm,
Yağışına qurban olum, ay ana.
Alqayıtam, al bayrağı ələ sən,
Bir dayaqsan bu obaya, elə sən.
Yer üzünə sülh, səadət dilə sən,
Alqışına qurban olum, ay ana.
1986-ci il, Gəncə
Getdi
Bir qonaq gəlmişdi məclisimizə,
Deyərdin, müqəddəs çapardı, getdi.
Bu uçan könlümün xanimanını,
Bəlkə öz əliylə yapardı, getdi.
Saldı məhbəslərə daş ürəyimi,
Eylədi qəmlərə tuş ürəyimi.
Qəfəsdə çırpınan quş ürəyimi,
Əl atıb köksümdən qopardı, getdi.
Alqayıta müjdə yetirmişdi o,
Qüssəni gözündən itirmişdi o,
Dərdimə bir dərman gətirmişdi o,
Yenə də özüylə apardı, getdi.
1973-cü il, Ağstafa.
Ötmüşəm
Saçlarımı bəyaz görüb duruxdun,
Dağlar, səndə boya-başa yetmişəm.
Torpağında rişələrim, köküm var,
Elə bilmə yad ellərdə bitmişəm.
Vurulmuşam güllərinin ətrinə,
Yasəmənin ləçəyinə, çətrinə.
Bir canlının dəyməsəm də xətrinə,
Gecə-gündüz ov dalınca getmişəm.
Özüm kimi bir at çapan olmayıb,
İş düzəldən, könül yapan olmayıb.
“Gizlən-qaç”da məni tapan olmayıb,
Çiçəklərin arasında itmişəm.
Yar eşqiylə gizlənmişəm bucaqda,
Gözüm yolda, gülüm qalıb qucaqda.
Çubuqlardan şiş düzəldib ocaqda,
Barmağımı, əllərimi ütmüşəm.
Sərt qayalar azmı dönüb qılınca?
Od ələnib baş qoyduğum balınca.
Ölən eşqin, ilk istəyin dalınca,
Pünhan-pünhan, həzin-həzin ötmüşəm.
Səndə qalıb hər sevincim, hər toyum,
Aç qolunu nəfəsinə uyuyum,
Ya bir yolluq buza dönüm, soyuyum,
Yorulmuşam, daha cana yetmişəm.
Dağ düşünüb söykəndiyim təpələr,
Başım üstə nifrətini səpələr.
Yelkənimi qərq eylədi ləpələr.
Alqayıtam, gör bir nələr etmişəm?
1985-ci il, Gəncə
ÇƏK Məni
Rəssam dostum Əli Nuh oğluna
İstəmirəm bu qılıncı, qalxanı,
Rəssam qardaş, saz sinəmdə çək məni.
Qoca palıd pöhrəsiyəm, zoğuyam,
Oba-oba, mahal-mahal ək məni,
Rəssam qardaş, saz sinəmdə çək məni.
Elə çək ki, Şah dağımdan boylanım,
Ərzurumda Araz deyim, haylanım.
Yer üzünə qətrə-qətrə paylanım,
Səhralara leysan eylə, tök məni.
Rəssam qardaş, saz sinəmdə çək məni.
Bir günəşəm, doğulmadım batmağa,
Şəfqətim var el qəminə qatmağa.
Xudafərin körpüsünü çatmağa,
Gərək olsam, bölük-bölük sök məni,
Rəssam qardaş, saz sinəmdə çək məni.
Alqayıtam, qəmlər kəsib üstümü,
Görən yoxdur alovumu, tüstümü.
Bir gün ellər qoyar olsa büstümü,
Əsirgəmə, o tellərə bük məni.
Rəssam qardaş, saz sinəmdə çək məni.
1984-cü, Gəncə
Ürəyim
Ayaqda qandalın, alında tərin,
Demə ki, heç nədən yoxdur xəbərin.
Bilirəm, böyükdür qəmin, kədərin,
Döz bu ağrılara, dinmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim!
Yaşamaq ötəri həvəs ha deyil,
Sən həyat olduğun əbəs ha deyil.
Məskənin qaranlıq qəfəs ha deyil,
Şübhələr atını minmə, ürəyim!
Tüstülən, alovlan, sönmə, ürəyim.
Dünyanın dərdini mən demirəm çək,
Əsrin siqlətinə neyləsin ürək?
Ya məhv ol, sürünmə zarıncılar tək,
Ya ulu göylərdən enmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim.
Gözdə həyat eşqi, könüldə qubar,
Məhbussa bağbanı, de, neyləsin bar?
Yarımçıq qafıyəm, mövzularım var,
Yaralı bir quşa dönmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim.
Alqayıt bir ümman, sən bir ovuc qan,
Hökmündədir həyat, əlindədir can.
Yenicə sökülür gözlərimdə dan,
Qaranlıq məhbəsə dönmə, ürəyim.
Tüstülən, alovlan, sönmə, ürəyim.
1983-cü il, Gəncə.
Eyləmişəm
Canımı istəsə, əsirgəmərəm,
Dosta sirr deməyi tərk eyləmişəm.
Saç-saqqal ağarıb, diz girdən düşüb,
Dünyanı təzədən dərk eyləmişəm.
Çatılıb dizlərim, bağlıdır əlim,
Eşitmir qulağım, lal olub dilim.
Təbibim, loğmanım, ay obam, elim,
Sağalmaz yarayam, çirk eyləmişəm.
Dedim, tərəqqidən gəl yazaq, qardaş,
Səs yazma lentinə köçürdü birbaş.
Yedi ürəyimi qəm yavaş-yavaş,
Gör hansı alçağa ərk eyləmişəm?
Şan-şöhrət axtaran dövlətdə, varda,
Nə bilsin ar, namus qalıbdı harda?
Həqiqi tənqidi boranda, qarda,
Geymişəm əynimə, kürk eyləmişəm.
Alqayıt, səndədir elin diqqəti,
Bu ülvi baxışdan yayınma qəti.
Əsrin tələbidir yaz həqiqəti,
Demə ki, səhv düşüb, görk eyləmişəm.
1987-ci il, Xanlar şəhəri.
Sağalim!
Bu dava, bu dərman sağaltmaz məni,
Köhlən at gətirin, çapım, sağalım.
O qədər viranə yurdum, yuvam var,
Hər yerdə bir xanə yapım, sağalım.
Mən könül vermişəm qartal səsinə,
Köpüklü çayların zümzüməsinə.
Vüqarla dırmaşım dağ zirvəsinə,
Bir yalçın qayadan qopum, sağalım.
Baş-başa vermişəm öz təlaşımla,
Çiçəkli yazımla, qarlı qışımla,
Ya kövrək duyğumla, ya göz yaşımla,
Elin varlığına hopum, sağalım.
On ildir görmürəm dağı, dağ kimi,
Yansam da bu yolda şam-çıraq kimi.
Kiminsə dilindən yalquzaq kimi,
Azadlıq kəlməsin qapım, sağalım.
Hazıram səngərdə, kaş buyruq olsun,
Nə arxadan zərbə, nə quyruq olsun.
Qoy, bu el birləşsin, bir yumruq olsun,
Birlikdir, tüfəngim, topum, sağalım.
Haqsızlıq qurşaqdan, günahlar dizdən,
Bütövlük gözləyir nəsillər bizdən.
El xəbər gətirsin qələbəmizdən,
Açılsın, örtülsün qapım, sağalım.
Alqayıtam, susub yazmır qələmim,
Bir tütək səsidir dərdim, ələmim,
Babamın, nənəmin ruhu məlhəmim,
Axtarım onları tapım, sağalım.
1998-ci il, Bakı
Dağlarin
Min fırtına qopa, qarlı qış gələ,
Səngiməz atəşi, közü dağların.
Od-alov püskürər kürreyi-ərzə,
Dönsə təbiətdən üzü dağların.
Ümmanlar qoynuna səpələr onu,
Əzizlər, oxşayar ləpələr onu.
İlhama gətirməz təpələr onu,
Zirvədən başlayar sözü dağların.
Haça qayaları sanki dəvədi,
Qisməti ucalıq, ömrü əbədi.
Ayağı altında zərli gəvədi,
Yastı çəmənləri, düzü dağların.
Gəl, qon dizim üstə, a xallı böcək,
Baharın gəlişi yalandır, gerçək?
Qışda buz bağlayar, baharda çiçək,
Al-əlvan geyinər yüzü dağların.
Bu qürbət ellərdə qəm məni didir,
Xəyalım göylərə baş alıb gedir.
Bir “Yanıq Kərəmi” həsrətindədir,
Tikilib gözümə gözü dağların.
Sazında yaralı simdik, nə fayda?
Şərbət sularında çimdik, nə fayda?
Döşündən şir südü əmdik, nə fayda?
Bilmədik qədrini düzü, dağların.
Alqayıt, ömr etdin baharlı, qışlı,
Ürəyi nisgilli, qəlbi təlaşlı.
Qoymaz övladım gözləri yaşlı,
Gələr görüşünə özü dağların.
1998-ci il, Bakı.
On ildir
Baharı bəd gəlib ana yurdumun,
Bar vermir baxçası, bağı on ildir.
Ah-nalə çəkməkdən, qan ağlamaqdan,
Əriyib gözümün yağı on ildir.
Bir sərin guşənin həsrətindəyəm,
Yam-yaşıl meşənin həsrətindəyəm,
Süslü bənövşənin həsrətindəyəm,
Kəsib yollarımı yağı on ildir.
Yapışıb əlindən dərd taleyimin,
Əyilməz, vüqarlı, mərd taleyimin.
Mənim bu qəzəbli, sərt taleyimin,
Bilinmir aranı, dağı on ildir.
Zamanın gərdişi tərsinə çönüb,
Elə bil göylərin günəşi sönüb.
Qaranlıq zindana, məhbəsə dönüb,
Bu yetgin ömrümün çağı on ildir.
Fitnədir qartalın heyrətsizliyi,
Ölümdür pələngin cürətsizliyi,
Bir neçə nadanın qeyrətsizliyi,
Çəkibdir sinəmə dağı on ildir.
Kəsdilər kökünü neçə palıdın,
Vüqarı göylərdən uca palıdın,
El-oba söykənən qoca palıdın,
Quruyub meynəsi, tağı on ildir.
Alqayıtam, şirin dilli sazımla,
Bəşər tarixinə bəlli sazımla,
Qorqud yadigarı telli sazımla,
Çaldığım bayatı, ağı on ildir.
13 iyun 1996-ci il, Gəncə.
Ay ana
Nə yaxşı ki, gəldi sənin xoşuna,
Mən bu qıza qurban olum, ay ana.
Qədəmində həyat eşqi gətirən,
Nurlu yaza qurban olum, ay ana.
Gedəsidir daş-qaşlar da, axça da,
Əmlik kəsdir, ocaq çatdır baxçada.
Nəyin varsa, bağlamada, boxçada,
Ver güdaza, qurban olum, ay ana.
Ürəklərdə qəm-qüssəni qocaldan,
Bir “Yallının vurğunuyam haçandan.
Qaynatanı, qaynananı ucaldan,
İşvə-naza qurban olum, ay ana.
Nə müddətdir gözün qalıb boyumda,
Qız gəzirdin nəsilimdə, soyumda.
Pulun-paran azlıq etsə toyumda.
Mən o aza qurban olum, ay ana.
Alqayıta həm xilqətsən, həm ərən,
Toyumuza çələng tutan, gül dərən.
El-obaya qüvvət verən, güc verən,
Telli saza qurban olum, ay ana.
1980-cı il, Qazax.
Gözümdə
İnsanlarda inam, ilqar itəli,
Təpələnib dağlar mənim gözümdə.
Qan qoxuyur çiçəklərin ətri də,
Bar gətirmir bağlar mənim gözümdə.
Xəzan vurdu novruz gülü bitməmiş,
Susdu bülbül, bircə ağız ötməmiş.
Arzusuna, istəyinə yetməmiş,
Saralıbdır tağlar mənim gözümdə.
Bir şimşəyəm, kükrəməmiş, çaxmamış,
Bir nəğməyəm, ürəklərə axmamış.
Bu dünyaya bir doyunca baxmamış,
Əriyibdir yağlar mənim gözümdə.
Duyğusuza nə ünsiyyət, nə qılıq,
Mən bir ögey, dünya mənə analıq.
El möhnəti, sevgi qəmi, ayrılıq,
Ümman olub çağlar mənim gözümdə.
Alqayıtam, nə dincəlim, nə yatım,
Oxunmayıb bircə həzin bayatım.
Ölən eşqim, ilk istəyim, həyatım,
Nalə çəkər, ağlar mənim gözümdə.
1987-ci il, Xanlar.
Mənim
Adi bir oğluyam Azərbaycanın,
Musiqi, şeiriyyət dilim var mənim.
Dərin laylarında ana torpağın,
Nə qədər gövhərim, ləlim var mənim.
Söyləmə rəngimə, bəxtimə qara,
Gör od allahını kim çəkib dara?
Dünyanı qərq edən dövlətə, vara,
Ağsaçlı Muğanım, Milim var mənim.
Gəncəm, Qarabağım, Şəkim, Şirvanım,
Əzəldən deyilmi şöhrətim, şanım?
Səmada qartalım, düzdə ceyranım,
Dağlarda dağ boyda kəlim var mənim.
Qobustan kükrəyən, çaxan mirvari,
Kəpəz tariximə baxan mirvari.
Göy-göl gözlərimdən axan mirvari,
Araz, Kür çayı tək selim var mənim.
Təbəssümün saxta, gülüşün yalan,
Bir de, nədir səni təşvişə salan?
Əsrin yaddaşında həkk olub qalan,
Gör neçə müqəddəs ilim var mənim.
Keçirsə fikrindən ağalıq, şahlıq,
Bəs hanı itaət, bəs hanı qılıq?
Nəğməm beynəlmiləl, bəstəm azadlıq,
Ayda çarpazlaşan əlim var mənim.
Alqayıtam, məni duy yavaş-yavaş,
Amandır, ruhuma toxunma, qardaş.
Yaralı pələngdir bu torpaq, bu daş,
Qəfəsdə aslanım, filim var mənim.
1987-ci il, Şamaxı.
Hayifim gəlir
Qorxmuram ölümdən, bu, bir qanundur,
Bizsiz təbiətə hayıfım gəlir.
Hər qarış torpağa, yala, yamaca,
Vurduğu ziynətə hayıfım gəlir.
Ömür dedikləri qanlı bir dastan,
Kiminə çətindir, kiminə asan.
Dünyanın əşrəfı, şöhrəti insan,
Bəşəri xilqətə hayıfım gəlir.
Həyat mənalıdır bilmirəm nədən?
Kiminə qürbət el, kiminə vətən.
Milyon ürəklərdə kül olub gedən,
Bu şerə, sənətə hayıfım gəlir.
Əsiri deyiləm şöhrətin, varın,
Saxta gülüşlərin, bəd rəftarların.
Yalançı möminin, çox mollaların,
Getdiyi cənnətə hayıfım gəlir.
Həmişə gül açmır sən gözlədiyin,
Sevdiyin, seçdiyin, əzizlədiyin.
Duyğusuz gözələ hey bəslədiyin,
Ülvi məhəbbətə hayıfım gəlir.
Pərvanə özünü yandırar oda,
Hay vurub qıy çəkməz qartal yuvada.
Yaxşı ataların nankor övlada,
Çəkdiyi zəhmətə hayıfım gəlir.
Alqayıt, necoldu sevib, seçdiyin,
Dost deyib yolunda candan keçdiyin?
Nadan sərsərilə yeyib içdiyin,
Şəkərə, şərbətə hayıfım gəlir.
1986-cı il, Göyçə
Dindimi
Nazlı bahar, qədəmlərin mübarək,
Çiçək ətri bürüyübdür kəndimi.
Dərələrdən, təpələrdən sürünən,
Çiskindimi, dumandımı, çəndimi?
Lilpar əsam, bulaqlardır çeşməyim,
Başa yetdi qovrulmağım, bişməyim.
Əlindədir təbdən-təbə düşməyim,
Sən bilirsən bircə mənim fəndimi.
Min büsat var, yenə eldə, obada,
Sığırçınlar cəh-cəh vurur yuvada.
Durna qalxdı, qatarlandı, havada,
Şahin, şonqar bərəsinə endimi?
Mirvaridir dənizlərim, göllərim,
Əyilməzdir obalarım, ellərim.
Çəmənlərim, zəmilərim, çöllərim,
Deyin görüm, sünbülünüz dəndimi?
Alqayıtam, qanadlanıb duyğular,
Hər süslü çiçəkdə həyat eşqi var.
Ötən ilki küsülülər, ay bahar,
Gəlişinlə danışdımı, dindimi?
1985-ci il, Xanlar.
Getdi
Y.Rzayevin ölümünə
Yunis dayı bu sehirli dünyadan,
Gedəndə Koroğlu sayağı getdi.
Böyük bir mahalın ağır, bir elin,
Arxası, köməyi, dayağı getdi.
Bu odlar yurdunun əzmi qüruru,
İstəyi, arzusu, əqli, şüuru,
Qəlbimin riqqəti, gözümün nuru,
Əlimin xınası, boyağı getdi.
Alqayıt, oxlandı min qartal səsi,
Kəsildi dağlardan igid nərəsi.
Böyük bir Vətənin idrak çeşməsi,
Göylərə nur saçan mayakı getdi.
1989-cu il, Bakı.
Dəyməsin
Qızıl da, gümüş də gəldi gedərdi,
Ulu xilqət qoy canıma dəyməsin.
Özü hifz eyləsin şərdən, qəzadan,
Şöhrətimə, ad-sanıma dəyməsin.
Nə ölüm dəhşətdir, nə də varsızlıq,
Ötəridir bəhrəsizlik, barsızlıq.
Xudpəsəndlik, qeyrətsizlik, arsızlıq,
Təkcə mənim ünvanıma dəyməsin.
Alqayıtam, nə altunam, nə zərəm,
Ləl yerinə həqiqəti gəzərəm.
Ürəyimi parçalasa dözərəm,
Böhtan əli vicdanıma dəyməsin.
1985-ci il, Xanlar.
Diləyim
Dağlar, səndə tapdığımı itirdim,
Qığılcıma, oda döndü diləyim.
Öz elinin, obasının, vurğunu,
Bir quş idim, vaxtsız düşdü lələyim.
Dərələrdə, təpələrdə gəzmişəm,
Çəmənlərdə çiçəyini əzmişəm.
Bilirsənmi, niyə dərdə dözmüşəm,
Zirvələrdən güc alıbdı biləyim.
Tellərinə çiçək lenti bağlayan,
Qızılgülün dövrəsində çağlayan.
Gizlənəndə hiddətindən ağlayan,
Hanı mənim gözü yaşlı mələyim?
Qanadlandım, pərvazlandım, uçmadım,
Həsrətindən, möhnətindən qaçmadım.
O yazığa ürəyimi açmadım,
Bax, beləcə baş tutmadı “kələyim”.
Tapdığımı, dağlar, səndə itirdim,
Alqayıtam, qəm dastanı bitirdim.
O zamandan ömrü başa yetirdim,
O zamandan ələnibdir ələyim.
1982-ci il, Xanlar.
Azərbaycanim
Sənə qərənfillər dərməkdən öldük,
Səni yas içində görməkdən öldük.
Sənə başsağlığı verməkdən öldük,
Bakım, Qarabağım, Xoyum, Zəncanım,
Sinəsi yaralı Azərbaycanım.
Şəhidlər qanıdır sinəndə ulduz,
Sağalmaz yarana duz bağlanıb, duz!
Gündüz narahatsan, gecə yuxusuz,
Nə Səttar xanım var, nə Xiyabanım,
Sinəsi yaralı Azərbaycanım.
Özümü qarsıyan alovam, odam,
Naləyəm, fəryadam, amanam, dadam.
Dərdinə, qəminə demə ki, yadam.
Adi bir daşına qurbandı canım,
Sinəsi yaralı Azərbaycanım.
Torpağın qandallı, millətin kölə,
Fəxri xiyabanda bax şəbnəm gülə.
Ərmağan verildi, keçdi yad ələ,
Zərli qədəhlərim, qızıl fincanım,
Sinəsi yaralı Azərbaycanım.
Sən qıfıllı dodaq, kəsilən əlsən,
Odlu kipriyimdən ələnən selsən.
Laçında, Şuşada, Qazaxda bilsən,
İgidlər qanıdır, tökülən qanım,
Sinəsi yaralı Azərbaycanım.
Dindirsən, köksümdə telli saz ağlar,
Neçə bahar ağlar, neçə yaz ağlar.
Xəzər ağı deyər, Kür-Araz ağlar,
Bu qəmə, möhnətə necə dayanım,
Sinəsi yaralı Azərbaycanım?
Əsrin qandalıdır dizlərimdəki,
Şəhidlər qanıdır izlərimdəki.
Cənub həsrətidir gözlərimdəki.
Tikanlı məftildir baxsan dörd yanım,
Sinəsi yaralı Azərbaycanım.
Bir gəmim qərq oldu Araz tək çayda,
On səkkiz milyonum getdi, nə fayda?
Yarım o taydadır, yarım bu tayda,
Var belə möhnətim, var həyəcanım,
Sinəsi yaralı Azərbaycanım.
Büküldü belimiz dərd qalağında,
Hökm edir ağalar işrət bağında.
Biz hələ yatmışıq fil qulağında,
Yoxdur söz qananım, mətləb duyanım,
Sinəsi yaralı Azərbaycanım.
1992-ci il, Bakı
Olmur
İgidlər məskəni bu ana yurdun,
İsti nəfəsindən yazmasam olmur.
Cüyür ayağında ilişib qalan,
Ovçu tələsindən yazmasam olmur.
Bahar həsrəti var çəmənin, çölün,
Sonası oxlanmış, o zümrüd gölün.
Qızılgül eşqilə ötən bülbülün,
Qəmli naləsindən yazmasam olmur.
O yalçın qayada kimimsə qalıb,
Hissimi, duyğumu kəməndə salıb.
Palıd ağacının seyrinə dalıb,
Çinar kölgəsindən yazmasam olmur.
Əsiri olmuşam qoca dağların,
Torpağını quca-quca dağların.
Vüqarlı dağların, uca dağların,
Dumanlı köksündən yazmasam olmur.
Alqayıt, hər izdə min xatirə var,
Dolan mahal-mahal, gəz diyar-diyar,
Sən ey gözəllikdən yazan sənətkar,
Mən qartal səsindən yazmasam olmur.
1983-cü il, Xanlar
Bağlamişam
Bulunmaz olubdur şəfam, şəfqətim,
Ay ellər, yarama duz bağlamışam.
Canım təngə gəlib üşütmələrdən,
Yayın istisində buz bağlamışam.
Ucalan görürəm neçə əyyaşı,
Həyat dərsi keçir bisavad, naşı.
Kiminsə xətrinə, kiməsə qarşı,
Həyalı üzümə üz bağlamışam.
Mənə sus deyirlər, susuram inan,
Fitnə ayaq alır, yeriyir böhtan.
Alqayıtam, haqdır bizi yaradan,
Sıtqımı mövlaya düz bağlamışam.
1983-cü il, Gəncə
Düşdük
Sən görən aşiqəm, ay vəfasız yar,
Dəyişdik bir qeyri donamı düşdük?
Görüşünə gəlmək müşkül hal oldu,
Bir qələt eylədik, qanamı düşdük?
Duydum gözlərinin məharətini,
Müjgan kipriklərin cəsarətini.
Könüllər itirdi hərarətini,
Qəlbin buz bağladı, donamı düşdük?
Alqayıtam, yaman mehriban idik,
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336815) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.