Çempion kimi düşün
Donald Trump
Meredit Makiver
4,5 milyard dollar mülkiyyəti ilə dünyanın ən nəhəng biznesmenlərindən biri. Manhettendəki ən yaxşı daşınmaz əmlakın 2 milyon kvadratmetrinə sahib olan tikinti maqnatı. Onun adı brendə çevrilib və milyon dollara satılır. Onun həyat hekayəsi yüksəliş və enişlərlə doludur, lakin o, hər bir böhrandan sonra mütləq yüksəlir və əvvəlki zirvəsindən də yuxarı qalxır.
Donald J. Trump, Meredit Makiver
Çempion kimi düşün. Maqnatın həyat və biznes haqqında düşüncələri
Donald Tramp əfsanəvi insandır.
O, indi növbəti – ABŞ prezidenti zirvəsini fəth edib.
Onun liderlik qaydaları, biznesdə və həyatda uğurlara nail olmağı həqiqətən istəyənlərin hamısı üçün qiymətli dərslərdir.
Ön söz
Donald Trampla işləməyin üstünlüklərindən biri onun gündəlik həyatını izləyə bilmək imkanıdır. Tanış olduğumuz uzun illər ərzində mən əsl Donaldı da, ictimaiyyət içinə çıxan Donaldı da yaxşı tanıdım və gördüm ki, bunlar eyni adamdır. Hətta deyərdim ki, gündəlik həyatında o, ictimaiyyət qarşısında olduğundan daha böyük və görkəmlidir.
Onunla işləyərkən necə fikirləşdiyini müşahidə edir, fikirləri sözə, sözləri isə hərəkətə çevriləndə ona qulaq asırdım. Əksər hallarda bu adamın fikir, söz və hərəkətləri bir-birini məntiqi olaraq davam etdirirlər. O, bəlkə də bu səbəbdən sözünü birbaşa deyən və sərtdir. Donald məhz ona görə belədir ki, fikir, söz və hərəkətləri vəhdət yaradır və bir-biri ilə ziddiyyət təşkil etmir.
Bizim çoxlarımızın elə tanışları var ki, diqqət edəndə üç müxtəlif adam olduqlarını görürük. Onların düşündüyü bir, dedikləri başqa, etdikləri isə üçüncü bir şeydir və hərəkətləri həm fikirləri, həm də sözləri ilə ziddiyyət təşkil edir. Mən belə adamların müəyyən uğur qazandıqlarını və ziddiyyətlərlə dolu həyat sürdüklərini görmüşəm.
1980-ci illərin əvvəllərində ilk böyük biznesimi itirdim. Hər şeyi itirmək özümüzə təsvir etdiyimiz dərəcədə dəhşətlidir. Hər şeyi itirdim və özümü bəxtsiz adam hesab etməyə başladım. İtkilərin ən böyüyü özümə inamı itirmək idi. Mən nə etmək lazım olduğunu bilirdim, amma, sadəcə, hansısa səbəbdən bunu etmirdim. Sonrakı on il ərzində öz üzərimdə işim fikirlərimə hakim olmaqdan ibarət oldu. Düzgün təfəkkür tərzinə qayıtmaq üçün dahi adamların sözlərini oxumağa və dinləməyə başladım ki, sonra onları özümünkü edim. Mənim işgüzar həyatım yavaş-yavaş da olsa sürətlənməyə başladı və mən yenidən qalibə çevrildim.
1987-ci ildə, fond bazarının iflasından az sonra əlimə Donaldın «Saziş bağlamaq incəsənəti» kitabı düşdü. Arvadımla mən onu oxumaq üçün bütün işlərimizi bir kənara qoyduq. Ətrafımızdakı dünya dağılırdı, biz isə Donaldın fikir, söz və hərəkətləri vasitəsilə biznes dünyasını görmək imkanı və üstünlüyü qazanmışdıq. 1994-cü ilə mən və arvadım Kim nəhayət maliyyə cəhətdən sərbəstlik qazandıq. Boş vaxtlarımızda tez-tez Donaldın kitabının, ətrafımızdakı qarışıqlıqlara baxmayaraq, bizi necə ruhlandırdığı, irəli getməyə vadar etdiyini yadımıza salırıq.
1997-ci ildə onun «Geri dönmək incəsənəti» («The Art of the Comeback») kitabını oxuyanda əmin olduq ki, bu fikirlər dahi adama məxsusdur. Çox az adam həqiqəti açıq deməyə qabildir, öz səhvləri, aldığı dərslər və sonsuz cəhdləri haqqında yazmağa hazır olanların sayı isə daha da azdır.
Kimlə mən Donaldla ilk dəfə 2004-cü ildə görüşdük. Əlbəttə, biz tanış deyildik, amma o bizimlə son dərəcə nəzakətli idi və öz kitabları vasitəsilə fikirlərini bizimlə bölüşdüyü üçün ona təşəkkür etdik. 2006-cı ilin sonunda Donaldla birlikdə «Sizin varlı olmağınızı niyə istəyirik» adlı kitabı nəşr etdirdik.
Donaldla mən bu kitabı insanların taleyinə ümumi maraqla və onlara öz biliklərimizi vermək istəyilə yazmış və 2008-ci ildə baş vermiş maliyyə böhranını öncədən xəbər vermişdik.
Bu kitaba ön söz yazmaq mənim üçün böyük şərəfdir, çünki bizə çempionların təfəkkür tərzini öyrətməklə Donald mənə və xanımıma bütün dünyaya gətirdiyi böyük hədiyyə, puldan daha qiymətli hədiyyə bağışlamışdı.
Robert Kiyosaki
Giriş
Həyatımda uğura can atan çox adam görməli olmuşam. Mən də onlardan biriyəm və zirvəyə hələ çox qalsa da artıq müəyyən görkəmli nəticələr əldə edə bilmişəm. Ona görə də mənə tez-tez uğurun «sirləri» haqqında suallar verirlər. Hər birimiz şəxsən özünə kömək edə biləcək müəyyən düstur əldə etməyi istəsək də, bu sahədə hansısa sirlərin olduğunu hesab etmirəm.
Bu kitabda, fikrimcə, insanları uğurlu olmağa yönəldən fikirlər verilmişdir. Onlar mənə kömək etmişlər. Bu mənim təbiətimin daha dərindən fikirləşən, təməl qaydaları açıqlayan və həyatda onları tətbiq etməyi göstərən cəhətlərindən biridir. KİV tərəfindən çoxaldılıb yayılan obrazıma görə mən istiqanlı, özünə əmin, bəzən ötkəm, lakin adətən vicdanlı adamam. Məni kəskin və sözünü birbaşa deyən olduğuma görə sevirlər. Elə həmin xüsusiyyətlərimə görə də sevmirlər. Mən bütün əhəmiyyətsiz şeyləri kənara itələyib əsas olana tez çata bildiyim üçün uğurluyam.
Mənim «Liderlik» kitabım həyata və biznesə məhz belə yanaşmanın nümunəsidir. Mən problemi tapır, onun üzərində fikirləşir, tərkib hissələrinə ayırır, bütün analoji problemləri həll etməyə imkan verən düsturu çıxarıram. Mən problemin incəliklərinə qədər öyrənilməsinə vaxt və qüvvə ayırmağa, məsələnin məğzinə nüfuz etməyə, unikal və əməli həll təklif etməyə xüsusi məna verirdim.
Mən məktəbdə oxuyanda atam Fred K. Tramp hər həftə mənə görkəmli adamların ruhlandırıcı fikirlərini göndərirdi. Bunların çoxu liderlik, həyatda çempion olmaq haqqında idi. Onlar mənə çox şey öyrətdilər və mən bu fikirlərə indi də müraciət edirəm, ona görə də onları sizin üçün bu kitaba daxil etmişəm.
Mənim bəxtim gətirib ki, atam kimi məsləhətçim olub və onun iqtibaslar toplusunun sizin üçün də faydalı olacağına ümid edirəm. Mən bu kitabı atama həsr edirəm, çünki mənə öyrətdiklərinə görə ona minnətdaram. Ümid edirəm ki, burada toplanmış fikirlər sizi yönəldə və ruhlandıra biləcək.
Oçerklər, dəyərlər və Stiven Kinq haqqında
Bizimlə nə oyun oynayırlar oynasınlar, özün-özünlə oyun oynamalı deyilsən.
Ralf Uoldo Emerson
New York Times Book Review-nun 30 sentyabr 2007-ci il nömrəsində Stiven Kinqin müasir novellaya həsr olunmuş oçerki dərc olunmuşdur. Siz yəqin bilirsiniz ki, Stiven Kinq çox məhsuldar və uğurlu yazıçıdır, altmış kitab və dörd yüz hekayənin müəllifidir. Onun novellalarından biri 1996-cı ildə O’Henri mükafatı alıb. O yazır ki, novella və ya müasir qısa hekayə fenomenini təhlil edərək onların «izafi dərəcədə müstəqil olduqları və oxuculardan daha çox naşirlər və tənqidçilər üçün yazıldığı» nəticəsinə gəlmək olar. Bu dərin mənalı şərh məni fikirləşməyə vadar etdi: mən nə üçün yazıram və mənim kitabımı kim oxuyacaq?
Qısa oçerklər mənim xoşuma gəlir, ona görə də novellaya müəyyən münasibətim olduğunu hesab etmək olar, baxmayaraq ki, bu janr öz tərifinə görə nəsrlə yazılmış uydurma hekayədir. Hər bir yazıçı razılaşar ki, novella sadə janr deyil, çünki müəllif müxtəsər olmalıdır. Eyni şeyləri oçerk haqqında da demək olar, o da lakonik və bir mövzu ilə məhdudlaşmış olur. Stiven Kinqi oxusanız görəcəksiniz ki, o öz fikrini cəmi bir səhifədə çatdırmağı əla bacarır.
Mənə onun işini qiymətləndirmək üçün Stiven Kinq olmaq lazım deyil. Sizə də mənim hər gün məşğul olduğum işin mürəkkəbliyini dəyərləndirmək üçün maqnat olmaq lazım deyil. Stiven Kinq deyir ki, bu gün qısa hekayə bazarı çox dardır. Ona görə də müəlliflər güclü təəssürat yaratmaq üçün əvvəlki vaxtlardan daha artıq çalışırlar, amma oxudan ləzzət almaq istəyən oxucular üçün yox, onların əsərlərini nəşr edə biləcək naşirlər üçün. Sizə deyim ki, bu tam məntiqlidir. Bizim hər birimizin müəyyən hədəf auditoriyamız var və hansı sahədə işləməyinizdən asılı olmayaraq demoqrafik mülahizələri hesaba almaq lazımdır.
Stiven Kinq ustalıqla qeyd edir ki, müasir novella yazarları əsərlərini onları nəşr etmək imkanı olan oxuculara ünvanlayaraq öz şəxsi dəyərlərini müdafiə edirlər. Əsl oxucu ikinci plana keçir, çünki naşir birinci yerdə olmasa, novella, istər əla, istər ortabab olsun, ümumiyyətlə oxucuya çatmaya bilər. Bu ağıllı yanaşmadır, lakin mən novellaların dar auditoriya (indiki halda naşirlər və tənqidçilər) üçün nəzərdə tutulduğun-dan şikayətlənən cənab Kinqin mövqeyini də başa düşürəm.
Məsələn, mən yaşayış binasının inşasına başlayanda birinci növbədə orada kimlərin yaşayacağını düşünürəm. Bütün biznesmenlər kimi demoqrafik göstəriciləri öyrənirəm. Layihəm haqqında bilsinlər deyə, onu bazarda tanıtdırmaq istəyəcək (və ya istəməyəcək) adamları maraqlandırmalıyam. Bu gün mənim adım kifayət qədər tanınır və keyfiyyətin qızıl standartları ilə o dərəcədə əlaqələndirilir ki, artıq çox danışmağıma ehtiyac qalmır. Trampın adı öz-özlüyündə keyfiyyətin təminatıdır. Stiven Kinq hesab edir ki, novellalar yəqin xüsusi olaraq kitab mağazalarının aşağı rəfləri üçün nəzərdə tutulur. O deyir ki, amerikan novella yaradıcılığı bu gün sağdır, amma tam sağlam deyil. Əsas səbəb isə, belə görünür ki, təyinat bazarının getdikcə kiçilməsidir.
Fikrimcə Kinq qısa hekayələrin oxucuların ləzzət almasından daha çox nəşr edilmək üçün yazıldığını qeyd etməklə şəraiti çox dəqiq dəyərləndirib. Mən bilirəm ki, nəyisə edəndə tənqidçilərimə güclü təsir etməyi qarşıma məqsəd qoysaydım, təkcə özümü deyil özgələri də aldatmış olardım. Bu mənim sevilməyimin və sevilməməyimin səbəblərindən biridir. Yeri gəlmişkən, New York Times-dan olan tənqidçi Herbert Masçemp bir dəfə demişdi ki, mənim tənqidçilərə bilərəkdən etinasız yanaşaraq etdiyim hər şey onları nəzərə alaraq etdiyimdən daha yaxşı alınır. Bununla razılaşmağa məcburam və inanıram ki, Stiven Kinq eyni şeyin novella haqqında da deyilə biləcəyi fikrinə etiraz etməyəcək.
Özünə və öz işinə sadiq olmaq böyük dəyərdir. Yaddan çıxarmayın ki, dəyərləri müdafiə etmək lazımdır. Sizə heç kim, heç vaxt deməyəcək ki, öz məsləkinə sadiq qalmaq asandır, amma əminəm ki, bu zəruridir. Qalan məsələlərə gəldikdə isə nəyi və kim üçün etdiyinizi müəyyən edin. Bunu dəqiq və aydın müəyyən edin. Onda gec ya tez varlı olacaqsınız – bu sözün ən müxtəlif mənalarında.
İnnovasiyalar
Dünyanın bütün ordularından daha güclü bir şey var – bu, vaxtı yetişmiş ideyadır.
Viktor Hüqo
Yenilikləri tez-tez «innovasiyalar» adlandırırlar. Əksər hallarda yeni, köhnənin hissələrini əvvəllər mövcud olmamış bir bütövə birləşdirməkdir. Mən Nyu-Yorkda Trump International Hotel & Tower-də tətbiq etdiyim yaşayış evi və çoxmərtəbəli mehmanxananı bir binada birləşdirmək ideyasını irəli sürəndə məni novator adlandırdılar. Sonradan bu həll mən və digər inşaatçılar tərəfindən dəfələrlə «tirajlandı» və həm milli, həm də beynəlxalq miqyasda çox uğurlu oldu.
Bu ideya mənə sadəcə ağıllı görünmüşdü və hesab edirəm ki, xüsusi bir şey icad etməmişdim. Hərçənd geriyə baxanda özümü novator adlandıra da bilərəm. Novatorlar və innovasiyalar haqqında məqalələr oxuyanda ixtiraçılıq bacarığımı daha necə artırmaq barəsində düşünürəm və məncə tələbələrin də bu barədə fikirləşmə-sinə dəyər.
Mən «fazalaşdırma» – avtomobilin şüşə təmizləyənlərinin səsinə bənzər ritminin gah musiqinin taktına uyğun, gah da uyğun olmayaraq səslənməsi ideyasının müəllifi Stiv Rayx adlı bəstəkar haqqında əhvalatı xatırlayıram. O, güman ki, yağışlı günlərin birində tıxaca düşmüş, avtomobilin şüşə təmizləyənlərinin ritmi onun diqqətini cəlb etmiş və musiqi əsərinin əsasını təşkil etmişdi. Bu insan müasir musiqiyə böyük təsir göstərmişdir və hesab edirəm ki, novatorluğa yaxşı nümunədir. Bəzən ideyalar avtomobilin şüşə təmizləyəni qədər adi və əməli şeylərdən yaranır. Əsas məsələ xırdalıqları görə bilmək, şüur və hisslərini yeni stimullar üçün açıq tutmağı bacarmaqdan ibarətdir.
İki şey haqqında eyni zamanda fikirləşmək çox faydalıdır – mən bunu çoxsəviyyəli fokuslama adlandırıram. İnnovasiya məhz iki ideyanın görüşməsi və toqquşması zamanı yaranır: şüşə təmizləyənlərin işinə qulaq asa-asa musiqi haqqında düşünmək, yaşayış evi və mehmanxana haqqında fikirləşmək, bəlkə də diyirlənən daşa baxıb təkəri təsəvvür etmək. Kim bilir bunlar nəyə gətirəcək? Bəzən nəsə fantastik bir şey alınır, bəzən yox, lakin bu, həmişə təfəkkür tərzi üçün yeni ölçülər açır ki, bu da vaxtaşırı yaxşı bar verir.
İxtira çox vaxt sövq-təbii (spontan) baş verir, ona görə də daha bir üsul şüurun qavrama qabiliyyətini qoruyub saxlamaqdır. Bu incəsənətdə də, biznesdə də vacibdir. Karyeranızda uğur qazanmaq istəyirsinizsə adət etdiyiniz rasional təfəkkürlə kifayətlənməyin. Mənim birinci kitabım «Müqavilə bağlamaq incəsənəti» adlanırdı. Mən müqavilələrə doğrudan da incəsənət əsəri kimi yanaşıram. Bəlkə onlar məhz buna görə adətən uğurlu olur. Mən fikirləşəndə və işləyəndə beynimin hər iki yarımkürəsi fəaliyyət göstərir.
Siz yəqin ki, π («pi» kimi tələffüz olunur) ədədi haqqında eşitmisiniz – bu, çox qeyri-adi bir şeydir. Onu Pifaqordan Leonardo da Vinçiyə qədər müxtəlif mütəfəkkirlər istifadə etmişlər və çox güman ki, piramidaların tikintisi də onsuz ötüşməmişdir. Onun haqqında çoxdan məlumdur və ədədi qiyməti 3,1415926535-dir. Onu «qızıl tənasüb» adlandırırlar. Onun haqqında daha çox öyrənmək istəyirsinizsə Mario Livionun «Qızıl tənasüb» («The Golden Ratio») kitabını oxuyun, orada çoxlu təfsilatlar tapacaqsınız. Fikrimcə, π-ni tam şüurlu şəkildə istifadə edən adamlar var, lakin onun haqqında ancaq altşüur səviyyəsində bilənlər və öz işlərində bilərəkdən yox, təsadüfən istifadə edənlər də var. Onu şüurlu şəkildə istifadə etmək olar və çox vaxt bu belə də olur. Lakin «qızıl tənasübün» dəqiq elmlərdən uzaq olan sahələrdə, canlı təbiətdə, məsələn dəniz ilbizlərində və uzaq ulduzlarda, habelə incəsənət və memarlıq əsərlərində peyda olması ağlasığmazdır. Sizin ixtiraçılıq səyləriniz həyatda möcüzələrə yer olduğunu və onlara hazır olmaq lazım gəldiyini anlamağı asanlaşdıra bilər.
Müstəsna olaraq mistikaya bel bağlamağı sizə məsləhət görmürəm: həyat uğuru sağlam düşüncə və gərgin əmək tələb edir. Sadəcə bəzən izah edilməsi mümkün olmayan şeyləri də hesabdan kənarda qoymayın – onlar yeni ideyaya doğru atılmış addım ola bilər. Axı biz yaratmırıq, bizə qədər yaradılmışları yeni formada birləşdiririk. Maraq dairənizdən asılı olmayaraq əla birləşdirici və ixtiraçı olun. Güclü ağıla çoxlu fikir və stimullar tələb olunur – onlar ona korşalmağa imkan vermirlər, ona görə də beyninizin daim işlə yüklü olmasına fikir verin. Bu, sizin uğurlu insanlar dünyasına giriş vərəqiniz ola bilər.
Komanda kimi işləməyin əhəmiyyəti
Bir yerə toplanmaq başlanğıc, bir yerdə olmaq
– inkişaf, bir yerdə işləmək
– uğurdur.
Henri Ford
Mən əslində fərdi iş adamı olsam da, komandada işləməyi bacarmağın nə dərəcədə vacib olduğunu həmişə anlamışam. Qlobal mənada biz hamımız bir komandanın üzvləriyik və başqa cür fikirləşiriksə can atdığımız nəticəyə çatmaya bilərik. Komanda işi bu gün uğur və sağ qala bilmək qabiliyyəti ilə dünənkindən daha artıq bağlıdır.
Mən bu barədə fikirləşəndə komanda oyunçularının bir neçə əla nümunəsini xatırlayıram. Televiziya jurnalisti və yazıçı Tom Brokounu çoxları tanıyır. O, çoxlu mükafatlar alıb, həmkarlarının və ictimaiyyətin böyük hörmətini qazanıb. Yadımdadır, «Kandidat» şousunun ekranlara təzəcə çıxdığı və o dəqiqə də populyarlığını artırmağa başladığı (həmin həftə o, reytinqlərdə birinci yerdə idi) zaman məni Yankees-in oyununa baxmaq üçün Corc Steynbrennerin lojasına dəvət etmişdilər. Tom və onun gözəl arvadı da dəvət edilənlər sırasında idilər. O mənə yaxınlaşdı və əli ilə çiynimə toxunub dedi: «Donald, NBS üçün etdiklərinə görə çox sağ ol. Biz sənə çox minnətdarıq».
Onun sözləri komanda ruhunun əla nümunəsidir. Biz bu şəbəkə üçün bir yerdə işləmişdik və o mənə onlar üçün etdiyimə görə təşəkkür edirdi. «Onlar» «bizə» çevrildilər və mən onun məhz nəyi nəzərdə tutduğunu anladım. Bəli, o çox məşhurdur, amma bilir ki, onun proqramı təkcə onun əlinin məhsulu deyil. Mənim proqramım da təkcə mənim deyil. Doğrudan da, illər keçdikcə daha müdrik olduğunuzu hiss edəndə, anlayacaqsınız ki, etdiyiniz şeylərin demək olar ki, hamısı təkcə şəxsən sizə aid deyildir. Tom NBS-də baş verənlərə laqeyd deyil, «Kandidat» şousunun uğuru isə onun komandasına kömək edir. Bu sözlər onun bütöv xarakterli adam olduğun mənə anlatdı və bəlkə də məhz bu xasiyyətinə görə ona həm şirkətdə, həm də ondan kənarda hörmət edir və sevirlər.
Daha bir əhvalat. Los-Ancelesdə Emmy mükafatı təqdim edilərkən («Kandidat» şousu da namizədlər siyahısında idi) səhnənin arxasında dayanmışdım. «Will and Grace» seriyalındakı roluna görə mükafatla yanaşı, həm də sürəkli alqışlar qazanmış Debra Messinq mənim yanımda dayanmışdı. Bu qadından həmişə xoşum gəlib (bəlkə də səbəb onun gur saçları olub?). O mənə yaxınlaşdı və çox nəzakətlə şoumun uğuruna görə mənə təşəkkür etdi. Mən yenə də qarşımda gözəl bir komanda oyunçusunun dayandığını anladım: onun da seriyalı NBS kanalında göstərilirdi.
Artıq bir neçə il keçsə də Jeff Tsukerin kabinetimə girib Saturday Night Live proqramında iştirak etməyimi təklif etdiyi gün indi də çox yaxşı yadımdadır. Məni müsbət cavab verməyə vadar edən səbəblərdən biri də bu şounun NBS-də efirə çıxması və mənim də onun komandasının bir hissəsi olmağım idi. Komanda ruhunu dəyərləndirməmək mümkün deyil və etiraf edim ki, razılıq verdiyimə təəssüf etmirəm. Biz vaxtımızı çox gözəl keçirdik və bu hamımız üçün faydalı oldu.
Mən əminəm ki, şəxsi və peşə həyatında komanda ruhunu saxlamaq çox yaxşı, bəzən gözlənilməz nəticələrə gətirə bilər. Hər şeydən əlavə, həmfikirlərinlə bir yolu getdiyini bilmək əla hissdir. Komandanın gücünə dəyər versəniz, onun mühüm (və nüfuzlu) iştirakçısı olacaqsınız.
Şükranlıq günü
Bəzən bizim öz odumuz sönür və başqa adamın sayəsində yenidən yanır. Hər birimiz içərimizdə alov yandıranlara dərin minnətdarlıq hissi bəsləmişik.
Albert Şveytser
Artıq on səkkiz ildir ki, hər il Roş Xa-Şananın bayram edilməsinə bir gün qalmış Los-Anceles ravvinlərindən biri mənə zəng edir. Mən yəhudi deyiləm, amma mənimlə bir yerdə çoxlu sayda dindar yəhudi işləyir, ona görə də mən onların adət-ənənələri ilə tanışam və bilirəm ki, yəhudilərin yeni ili Roş Xa-Şana bayramından başlayır.
Ravvinin zəngi məndə xüsusi hisslər yaradır: uzun illər əvvəl bu adam və onun arvadı oğullarını itiriblər, bununla belə zəng edirlər ki, özlərinə (elə mənə də) həyatlarında olmuş xeyirxah işləri xatırlatsınlar. Bu adamın davranışı əsl şükranlığın gözəl nümunəsidir. 1988-ci ildə onların üç yaşlı oğlu xəstələnir. Los-Ancelesin həkimləri xəstəliyin öhdəsindən gələ bilmirlər. Bir dəfə uşağın atası mənə zəng edib soruşdu ki, təyyarəmdən istifadə etmək olarmı. Biz tanış deyildik. Ata mənə izah etdi ki, heç bir aviaşirkət onun oğlunu aparmağa cürət etmir, çünki uşağın yaşamasını təmin etmək üçün çoxlu xüsusi avadanlıq lazımdır. Aviadaşıyıcılara bu çox riskli görünürdü. O vaxt mənim öz uşaqlarım da kiçik idilər və mən dərhal onun xahişini yerinə yetirməyə razı oldum. Məgər mən başqa cür hərəkət edə bilərdim?
Mən dərhal təyyarəmi göndərdim. Oğlanı və onun valideynlərini Nyu-Yorka çatdırdılar. Ümid edirdilər ki, Nyu-York həkimləri uşağın əziyyət çəkdiyi ağ ciyər xəstəliyinin öhdəsindən gələcəklər. Bunu etmək mümkün olmadı, amma uşağın valideynləri bu günə qədər də mənə təşəkkür edirlər. Onların minnətdarlığı məni dərindən duyğulandırır.
İndi, ölkədə vəziyyətin çətin olduğu vaxtda, ravvinin zəngi mənə çətin, bəzən faciəli zamanlarda, bədbəxtliklər arasında, xeyir-dua tapmağın yaxşı nümunəsi kimi görünür. Bu ailə və onun sədaqəti hər kəs üçün gözəl nümunədir və mən onlara bunu yada saldıqları üçün təşəkkür edirəm. Hamımız anlamalıyıq ki, həmişə, istər Yeni il, istər Şükranlıq günü, istərsə də həyatımızın ən adi günü olsun, minnətdar olmaq üçün əsasımız var.
Bilik – yeni başlanğıcdır
Hər bir yeni hökumət gənclərə təhsil verməkdən başlanır.
Pifaqor
Pifaqor dünyaya riyazi ölçü ilə yanaşırdı. Mənə, bir biznesmen kimi, belə yanaşma həmişə xoş gəlirdi. O, ağıllıdır. Pifaqor riyaziyyatçı və filosof idi, ona görə də biliklərin vacibliyini anlayırdı. O, qədimlərdə yaşayıb, amma çox şeylər, məsələn, təhsilin şəxsiyyət və cəmiyyət üçün əhəmiyyəti indiyə qədər də dəyişməyib.
Mən yeni bir iş başlayanda anlayıram ki, çox şeyləri öyrənməli olacağam. Bu məni qorxutmur, əksinə mənə güc verir. Bu, növbəti başlanğıc, yeni mərhələ hissinə bənzəyir. Mən qolf meydançaları inşa etməyə başlayanda beynimdən ağlasığmaz dərəcədə böyük yeni məlumat keçirməli oldum, amma fantastik mütləq yenilik hissi duydum: qolf meydançalarının salınmasının incəliklərinə nüfuz etmək xoşuma gəldi. Kimsə otuz il bundan əvvəl mənə bu işlə məşğul olacağımı desəydi onu çox zarafatcıl insan hesab edərdim. Lakin bu məşğuliyyət mənə doğrudan nəhəng ləzzət verir.
Yeni ideya və yeni biliklər üçün açıq olmaq çox vacibdir. Özünü hər şeyi bilən kimi hiss etmək yeni kəşflər və imkanlar qarşısında qapını bağlamaq deməkdir. Qoy bu qapı hər gün nəsə yeni və ruhlandırıcı bir şey üçün açıq olsun. Bəzən yeni günün mənə nə gətirəcəyini sevinclə gözləyirəm və bu, əla başlanğıcdır. Bəzən müəyyən səy göstərmək lazım gəlir, bu halda kitablar və müəyyən təhsil tədbirləri yerinə düşür – onlar daim əl altında olmalıdır. Bəlkə də mənim sadəcə bəxtim gətirib, amma mən heç vaxt darıxmıram. Hətta məncə bu, mənim uğurumun kifayət qədər vacib amilidir.
Vaxtaşırı (tez-tez etsəniz daha yaxşı olar) özünüzdən soruşun: mən nə barəsində daha artıq bilməliyəm? Bəlkə dünya tarixi haqqında? İndiki şəraitdə müəyyən mədəniyyətlərin yaranması və bugünkü vəziyyətini öyrənmək pis olmazdı. Ya da başqa bir şeyi. Mən hər gün beynəlxalq xəbərlərə böyük diqqət verilən qəzetləri və The Financial Times-ı oxumağa çalışıram. Çünki mənim fəaliyyət sahəm dünyada baş verən hadisələri izləməyi vacib edir. Təkcə bu, hər gün mənim ciddi diqqətimi tələb edir. Sizin halınızda bu başqa bir şey ola bilər.
Bizim dövrümüzdə kifayət qədər məlumatlı olmamağa heç cür bəraət qazandırmaq mümkün deyil. Biliklər heç vaxt indiki qədər əlçatan olmayıb və qədim yunanlara qayıdıb yadınıza Sokrat və onun məşhur sözlərini salmaq istəyirəm: «Bir onu bilirəm ki, heç nə bilmirəm». Hörmətli alimə bu sözləri söyləmək asan deyildi, lakin onlar hər gün ona yeni biliklər aparan yolu açırdılar. Başqa sözlə desək, hər gününüzü təmiz vərəqdən başlayın. Şüurunuzu açın və yeni başlanğıca imkan verin.
Mən biznesə başlayanda hər şeyi bildiyimi hesab etsə idim, işə başlamamış iflasa uğrayardım. Belə səhvləri etməyin. Hər bir fəaliyyət sahəsində sualtı qayalar var və əvvəlcə asan görünən şeyin nə qədər çətin ola biləcəyini mütləq görəcəksiniz. Məsələn, Nyu-Yorkda bina tikmək zonalaşdırma, podratçılar bazarı, memarlıq, vergi və həmkarlar təşkilatı qanunvericiliyi, tikinti meydançası üzərindəki hava məkanı haqqında qanunlar və minlərlə başqa məsələlər barəsində biliklərin olmasını tələb edir. Mən çox şeyləri öyrənməli oldum və bunu heç kim mənim yerimə etməyəcəkdi. Mən hər gün yeni şeylər öyrənir, yeni bilikləri tətbiq edir və irəli gedirdim. İnanın ki, heç kim bir günün içərisində inşaatçı olmur.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336809) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.