Əzilsəm də susmaram!

Əzilsəm də susmaram!
Əhməd Cavad
Şair, tərcüməçi Əhməd Cavadın (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə ""Qoşma"" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə ""Dalğa"" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur ""İstiqlal uğrunda şeirlər"" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
Kitaba şairin zəngin yaradıcılığının bir hissəsi daxil edilib.

Əhməd Cavad
Əzilsəm də susmaram! /Seçilmiş əsərləri/

CÜMHURİYYƏT DÖVRÜ VƏ ONUN POEZİYADA YADDAŞI – ƏHMƏD CAVAD
“İntibah” – deyəndə ilkin xatırlanan Nizami olur. “Məhəbbət” deyəndə birinci Füzulinin adı çəkilir. “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.
Üçrəngli bayraq emblemi var tariximizdə. Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur.
Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzade 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında (1906-1912) davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Sur kimi görkəmli ziyalıların tələbəsi olmuşdur. Poeziya ilə də ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və təqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir.
Birinci dünya müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl (1913-cü ildən başlayaraq) və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun Xulux və Laqer kənd məktəblərində, həmçinin, Bakıda müəllimliklə məşğul olmuş, Ali Pedaqoji institutu bitirmiş (1926), ilk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir maarifçi-pedaqoq kimi yaxından iştirak etmişdir.
1922-ci ildə Bakıda (fəhlə fakültəsində), 1924-cü ildə isə Nərimanov adına texnikumda dərs demişdir. Ədəbiyyat cəmiyyətinini katibi (1924-1926), “İnqilab və mədəniyyət” dərgisinin məsul kitibi (1925), Kənd Təsərrüfatı texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin instutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində işləmişdir.
1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayına nümayəndə seçilən Ə. Cavad 1935-ci ildən ömrünün sonuna kimi Azərnəşrin bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.
Əhməd Cavad “Qoşma” (1916), “Dalğa” (1919), “Sinfi mübarizə” (1921), “Şeirlər” (1958), “Çırpınırdı Qara dəniz” (Ankara, 1991), “Seçilmiş əsərlər” (1992) kitablarının, külli miqdarda publisist məqalənin, onlarca nəsr əsərinin müəllifidir. Onun poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir.
Şairin bədii-siyasi ideya dünyası da təbiət və sevgi lirikası qədər çeşidli və zəngindir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb, “Dilimiz” şerini (1913) qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən ilk iki ziyalıdan biri olub. Türklərlə birgə Balkan hərbində iştirak edib. Birinci dünya müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Şəhid məzarını və obrazını qələmə alıb; didərginlə, qaçqınla, girov düşənlə təmasda olmaq hələ 90-cı illərdən çox-çox əvvəl ilk dəfə onun taleyinə qismət düşüb.
Türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan biri olub. Elə bütün bunlara görə də onu hamıdan çox təqib ediblər, “xalq düşməni”, “müsavat şairi” anlamına və obrazına tuşlanan bütün zərbələr ona dəyib. Üç dəfə həbs olunub, həyat yoldaşını sürgünə, üç oğlunu koloniyaya göndəriblər.
Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olub.
Əhməd Cavadın sovet dövrü poeziyası da fəal ideya məzmunu, inqilabi romantikası, lirizmi, obrazlılığı ilə seçilir. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi daxil olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Novikov-Priboyun “Sualtı səfər”, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Mənim darülfünunlarım”, “Çocuqluq”, V.P.Kinin “O tayda”, T.Şevçenkonun “Kobraz”, F.Rablenin “Qarqantua və Pantaqruel”, B.Ronin “Od uğrunda mübarizə” əsərlərinin bədii tərcüməsinin müəllifidir. 1930-cu ildə gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan azərbaycancaya çevirmiş və həmin tərcümə kitab halında Bakıda 1978-ci ildə nəşr edilmişdir.
Şəxsiyyətə sitayiş dövrünün zorakılığına məruz qalan Əhməd Cavadın həyatı 1937-ci ilin 9 oktyabrında – şair 45 yaşında ikən faciəli şəkildə qırılmışdır.
***
Milli suveren, müstəqil Azərbaycan dövlətdən, cəmiyyətdən əvvəl ideologiyada mövcud olmuşdur. Məhəmməd Əmin Rəsulzadəni, Yusif bəy Nəsibbəyovu, Fətəli Xan-Xoyskini bədii fikir ictimai təfəkkürdən daha əvvəl yaratmışdır. Onlardan biri, bəlkə də birincisi – Əhməd Cavaddır. “Poeziyanın Rəsulzadəsi” – mənə elə gəlir ki, Əhməd Cavada verilən ən dəqiq qiymətlərdən birisi belədir.
“İntibah” – deyəndə ilkin xatırlanan Nizami olur. “Məhəbbət” deyəndə birinci Füzulinin adı çəkilir. “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.
Üçrəngli bayraq emblemi var tariximizdə. Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur.
Səma qövsi-güzehi, bədii spektr burada da üç boyadan ibarətdir: Göy-gölün mavisi, dan yerinin qızartısı və dini-mənəvi-milli ekologiyanın yaşılı! Bu üç rəng həyatda olduğu kimi, poeziyada da eyni məqsədlərə xidmət etmişdir.
Adətən, deyirlər: Ay da, ulduz da, mavi də, qırmızı da və yaşıl da səmadan, ucadan, zirvədən enib gəlib bayrağımıza. Doğrudur, səmadan, amma poeziyanın səmasından! Bu səmanı bədii, poetik kətanda yaradanlardan biri Əhməd Cavad və onun fırçası olub. Təsəvvür edin: gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavadın poeziyasından alıb.
Azərbaycanda milli parlamentin də, milli poeziyanın da o illər müştərək simvolikası olub. O qədər müştərək ki, bəzən hətta qarışdırıblar: “Hilal” deyəndə Cavad nəyi nəzərdə tutub – üfüqdəki ayı, ya üçrəngli bayraqdakı emblemi? Yaxud şair “Bir ulduz parladı uzaq üfüqdə” – deyəndə söhbət hansı ulduzdan gedir: sökülən dan yerindən, sübh ulduzundan, yoxsa istiqbal və cümhuriyyət ünvanlı ulduzdan? O dövrdəki milli-rəsmi simvolikanın ayrılıqda hər rəmzini Əhməd Cavadın şeirlərindən tapmaq və toplamaq olar.
O zaman parlamanda yeganə müştərək bir kürsü də olub: öndər Rəsulzadə ilə, nazir Yusifbəylə birlikdə o kürsüdə bir də şair Əhməd Cavadzadə oturub.
“Cümhuriyyət şairi” kimi Ə, Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı və Vətən şərəfini tərənnüm edir. 1912-ci ildə azəri türkləri arasından toplanan “Qafqaz könüllüləri” tərkibində İstanbulun azad olunmasında iştirak etməsi ona səbəb olur ki, türk azadlığı miqyasında istiqlal mövzusu onun poeziyasında yeni vüsətli leytmotivə çevrilir. Həmçinin Batum, Qars, Ərdahan, Trabzon, Ərzurum, Anadolu, Bursa şəhərlərində olması (1914-1918) türklük ideologiyasının bu poeziyada daha da güclənməsinə səbəb olur:
Şerin sınıq bir türk sazı ağladaraq tellərini,
Addım-addım gəzmək istər gönlüm Turan ellərini.
“Dilimiz”, “Şəhid əsir”, “Oyan”, “Hərbzədələrə” kimi şeirlərində də eyni leytmotiv davam etsə də, Ə.Cavadın sonralar bütün Türkiyədə az qala milli himn qədər kütləvi şəkildə oxunan və sevilən əsəri “Çırpınırdı Qara dəniz” olur:
Çırpınırdı Qara dəniz
Baxıb türkün bayrağına.
Ah, diyərdik, heç ölməzdim
Düşə bilsəm ayağına!..
İncilər tək gəl yoluna,
Sırmalar düz sağ, soluna,
Fırtınalar dursun yana,
Salam türkün bayrağına.
Göy gölə, milli bayrağa, Qara dənizə və Dəli Kürə ən yaxşı şeirləri o illərdə Əhməd Cavad dəniz yazıb. “Azərbaycan” sözü ilk dəfə bu rübabda poetik mübtədaya, xəbərə dönüb, Əhməd Cavadın yazdığı nəğmədə təkrir və nəqərat olub.
Şairin təbiət və məhəbbət lirikasında “Göy göl”ü xüsüsi fərqləndirmək olar. Cəsarətlə demək olar ki, poeziyanın qədəhini Göy göldən doldurub içən ilk təbiət aşiqi və nəğməkarı Əhməd Cavaddır, sonralar da Göy gölün şeir payına şərik çıxanlar az olmayıblar. Və istisnasız, sonrakı bütün şairlər – hamısı, həmişə Göy-göl nemətini ilk dəfə məhz Əhməd Cavadın qaldırdığı o badədən, qədəhdən süzüb nuş ediblər. Birinci “Göy göl”ün kamillikdə, bədiilikdə də birinciliyini sonrakı bütün Göy göl vurğunları – Səməd Vurğun da etiraf edib.
Ümumiyyətlə, Əhməd Cavadda romantika və simvol, metafora və obrazlılıq çox qüvvətlidir. Yalnız iki roman, iki metaformanı fərqləndirmək kifayətdir: Qara dənizi və Dəli Kürü!
Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına! – bütünlükdə Əhməd Cavad şerinin simvolu burada Qara dəniz özüdür.
Nəsrin “Dəli Kür”ünü Azərbaycanda İsmayıl Şıxlı yaradıb. Şerin “Dəli Kür”ü Əhməd Cavadın həm özü, həm də poeziyası idi. Coğrafi baxımdan Araz nisbətən dar, məhdud sahilləri də əhatə edir. Əhməd Cavad poeziyası isə bütövlükdə Kürün əhatə etdiyi üfüqlərdən keçir və sahillərdən axır.
Cavadı Kürlə çox şey birləşdirir. Hətta şairin tərcümeyi-halını Kürün özünün yaxın bir əsrdə məruz qaldığı tale və ömür salnaməsində izləmək olar: ilk mərhələdə hələ Kürə qədərki dövr – “Göy göl” mərhələsi idi. Bu dövrdə şair Qafqaza Kəpəzdən boylanır, özünə və ölkəsinə ucadan və zirvədən, məğrur və nikbin nəzər salırdı:
Mən çeynənən bir ölkənin
haqq bağıran səsiyəm!
İkinci mərhələdə “Dəli Kür” sanki əbədi axdığı və axtardığı ünvanı artıq tapmışdır:
Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada tapmışam.
Yaxud:
Sən ey coşan dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gəlir, bismillah.
Bu – cümhuriyyət epoxası, Azərbaycanda demokratik respublika dövrü idi. Dövlət himninin mətni, həmçinin, “Can Azərbaycan”, “Al bayraq”, “Azərbaycan bayrağına”, “Qardaş”, “Mən bulmuşam” – həmin dövrün bədii sənədləridir:
Torpağına can demişəm,
Suyuna mərcan demişəm.
Canımı qurban demişəm.
Gəlib qızıl vaxtın sənin,
Açılıbdır baxtın sənin!
Gəncəm tacım, taxtım sənin,
Canım-gözüm, gözüm-canım
Azərbaycanım,
Can-can,
Can, Azərbaycan!
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Əhməd Cavad şerinin də ahəngi, ovqatı dəyişir, könlündəki rübabın da qürubu başlayır (“Nə yazım?”, “Unudulmuş sevda”, “Olsun qoy”, “Aya” və s.).
Əhməd Cavad fitri-təbii şair idi. Onun sənətkar fəhmini aldatmaq qeyri-mümkün idi. Odur ki, üçüncü mərhələdə şair öz məşhur xitabını:
Əyil Kürüm, əyil keç,
Dövran sənin deyil, keç!
– sözlərini həm Kürə, həm də özünə eyni vaxtda aid edib deyirdi. Dahi və dövran, Zaman və şair nisbəti burada “Kür” və “Mən” şəklində əyaniləşirdi. Dərdini, nisgilini şair açıqda bədii tülə bürüyür, gizlində isə ağlayaraq deyirdi:
Çoxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum
Gizlicə ağlamaqdan.
Ən son ana qədər Əhməd Cavad elmin “dünyaya dediyi ən böyük yalana” uymur, mənəvi genosidə, ideya, vicdan terroruna duruş gətirir, haqqın sözünü, həqiqət silləsini tiranın və nadanın düz gözünün içinə çırpır:
Çoxdan dəyişdirib şəkki yəqinə,
Mən üsyan etmişəm məzhəbə, dinə,
Bilməm sənin böylə“Haqq” dediyin nə,
Hökm etmə fikrimə, vicdanıma, sus!
Adətən, deyirlər: “şair kimi doğulmurlar, şair kimi ölürlər”.
Əhməd Cavad xoşbəxt istisnalardandır – o, şair kimi doğulmuş, şair kimi yaşamış və şair kimi ölmüşdür. Puşkinə gülləni Dantes, Musa Cəlilə – faşizm, Əhməd Cavada – KQB, qırmızı taun “bolşevizm” atmışdır.
Bayılda, Nargində, “sosialist” məhbəs kamerasında ölənlərdən heç qəbir də yadigar qalmır. Xəzər özü bu zaman məzara, şəhidlər xiyabanı baş daşına çevrilir. Dağüstü meşəliyin şəhid xiyabanına çevrildiyi gündən Əhməd Cavadın da məzarı tapılıb. Torpağa və poeziyaya o, həm şair, həm də şəhid kimi xidmət edirdi, bu məzarlıqda mənəvi sakin olmağa bəşəri və ilahi haqqı çoxdan qazanmışdı.
Başqa bir qanadlı ifadə də var: “Bir kərə yüksələn bayraq bir daha enməz”. Məhz bu bayraqda Əhməd Cavadın da adı və imzası həkk olunub.

    Yaşar Qarayev

*MƏDRƏSƏ ŞEİRLƏRİ*

GƏLDİM GƏNCƏYƏ
1906-cı ildə
Gəldim Gəncəyə AT ilində.
Qalxdım Dilbozun tərkinə mən,
Keçdim düzlərdən, boz çöllərdən;
Qotazlı atı sürdüm də, gəldim,
Gəncəyə könül verdim də, gəldim!
Oxumaqdı ancaq diləyim,
Şəmkirdə qalmışdı ürəyim.
Anam da mənlə köçdü gəldi,
Nə mən yatdım, nə o dincəldi.
Zərrabıda qaldıq ilk gündən,
Sahibi getmişdi öyündən.
Sanki düşmüşdük evimizə,
Dəyib dolaşan yoxdu bizə.
Anam işləyər, mən oxuyardım,
O, xalı, mən şeir toxuyardım.
Günümüz keçərdi ağlı, qaralı,
O, ərindən, mən atamdan yaralı.
Yadımdan heç çıxmaz, o gəldiyim gün,
Başlandı tarixi mənim ömrümün!..
    Gəncə, 1908, 9 sentyabr

RÜBAİLƏR
Bükdü belimi firqətin, ey mahi cəhantab[1 - İşıqsaçan (farsca)],
Sən alıyor zinəti bil külli səmavat.
Etdim sana bən anə qədər hörməti mehrab,
Hər kəs eylər xaliqinə həsr ibadat!
Xəllaqi-cahan xəlq eyləyib bir güli-mümtaz[2 - İmtiyazlı (ə.)],
Bir cümlə ənadil[3 - Bülbül (ərəbcə)], o gülə xud[4 - Özü (f.)] nəzər əndaz[5 - Niyyət (f.)].
Etdi bəni suzan[6 - Qəmli (f.)], gözəlim, təneyi-əğyar,
Bax tənələrə, eylə bəni bircə sərəfraz![7 - Uca (f.)]
Şəhla gözünü etsəm əgər bir də ziyarət,
Qurban edərəm kəndimi[8 - Özümü (türkcə)], dərbari[9 - Şah sarayı (f.)] – kərəmdə[10 - Lütf (ə.)].
Bu zəkavət, bu sədaqət, bu həlavət[11 - Şirin] uğrunda,
Qurbanə nasıl[12 - Necə (f.)] layiqəm, ey mənbəi-rəhmət![13 - Qeyd. Bu üç rübaini Ə.Cavadın Mədrəsədə müəllimi olmuş XX əsrdə ilk professional Azərbaycan tənqidçisi Abdulla Sur təshih etmişdir (Tərtibçi).]
Hər kipriyin bin[14 - Görən (f.)] ox kimi canan batırsan sinəmə,
Qaşlar da üdvan seyfi[15 - Düşmən qılıncı (ə.)] tək zərbət urar qan sinəmə!
Etdin bəni sən zərbi-şəst[16 - Neştər (f.)], ey mənşəyi zülmü cəfa,
Fəth eylədin, qıldın hünər, oldun da sultan sinəmə!
Bitab edüb dilbər bəni əğyarə meyl etmək nədən?
Göz yaşımı ənhar[17 - Çaylar (ə.)] tək etmək nümayan[18 - Görünən (ə.)] didədən?
Əşki[19 - Göz yaşı (f.)] bəşər[20 - Göz (ə.)] tökmək nasıl yar, olmasın adət bana?
Gördüm fəraqın çox çətin, ey mahru, ey gül bədən?
Aman, ey bivəfa, zülmün bəni bizar edüb candan!..
Ümidim gəlməz idi böylə zülmə dəsti-xubandan.
Yəqin bilsəydim əvvəldən cəfadan əl götürməzsən,
Tapınmazdım sana əvvəlləri, ey büti-dil, təndən!
Ey xaliqi rəhmən, yenə rəhmin nə qədərdir?
Hər qədər edəm şükr, yəqinim ki, hədərdir!
Əhvalıma, əfkarıma[21 - Fikir (ə.)] sənsən xəbərin varmı?
Vardır xəbərim kim desə gər əhli-məfərdir!
Xudaya, cismim ayrılsa, dilim dilbərdən ayrılmaz!
Gözüm görməzsə, rəsmi zehnimi eylər şən, ayrılmaz!
Dila[22 - Ey ürək (ə.)] rəsm ilə əsrin fərqi çoxdur labudəm, lakin,
Onun rəsmin görüb ruhum neyçün bu təndən ayrılmaz!
Nəqşi aləmidir keçmişəm dilü candan,
Yəqin olur ki, Bana bən bu yolda qətl oluram!
Bu yolda qətl olunur isə, özümdə məsudam!
Üzmərəm rahi-vəfdə əlimi canandan!
(Üzə bilməm əlimi əhli-vəfa canandan!)
Cana cavan ömrüm bənim rahində pir olmuş bu gün!
Artıq olan cövrü cəfa dərdikəsir olmuş bu gün
Səbr eyləməz Əyyub ola olsun qəsəm, ey bivəfa,
Tökdürdüyün göz yaşimə həm napəzir olmuş bu gün!
Könlüm yenə bir kasə qızıl qanə dönübdür,
Qan olsa böylə zülmlə hər yanə dönübdür!
Ey baisi-iftixari-canım, ey vəfasız,
Sən görmə rəva qanım axa, yar ola bənsiz!
Saqiyə, rəhm qılıb badə gətir nuş edəlim!
Pişi-çeşmi[23 - Göz qabağı (f.)] rüqabə yari dər[24 - Da, də (f.)] aquş edəlim!
Badə içmək bana əlzəm[25 - Lazım (ə.)], sana qurban, ey Məhrəm,
Söhbəti-yar ilə əğyarı fəramuş[26 - Unutmaq (f.)] edəlim!
Xəndeyi xunriziniz[27 - Qan tökən (f.)] amadədir can almağa!
Kim əsirgər canını ləli-dirəxşan[28 - Parlaq (f.)] almağa!?
Vəqti-rehlət[29 - Ölmək, dünyadan köçmək (ə.)], sevgilim, Əzrailə yox ehtiyac,
Ruhi-canım müntəzir ol şahi-xuban[30 - Gözəl (f.)] almağa!
Cəfayi yarə səbr etmək tükənməz bir səadətdir!
Olursa əksinə, ey mah, tələt[31 - Görmək (ə.)] bil ədavətdir!
Qüsur etmə cəfavü nazdan hər vəqtə qadirsən,
Təhəmmül[32 - Dözmək (ə.)] eyləyərik əskidən bir adətdir!
Varınsa gər ədavət zahirən təcili qətlim qıl!
Sənin məqtulun[33 - Öldürülmüş (ə.)] olsa aşiqin müsbəti şəhadətdir!
Müləvvən çeşmlə etdin münəvvər xaneyi-könlüm,
Olub nail səfa bulmaq müzzəm bir ziyarətdir!
Dela əğyarə meyl ilə bəni məhrumi-can etdin!
Nasıl məhrumi-can bəlkə ziyadə hifz-can etdin?
Təşəkkür eylərəm bax, bəni xoşbəxt qıldın sən,
Bu xoşbəxt eyləməklə çün səvabi-bikəran[34 - Nəhayətsiz (f.)] etdin!
Aləm ağlar halimə, gəl sən də giryan olma heç!
Zülm qıl, eylə cəfa kim tabeyi – Quran olma heç!
Yarımı əhvalimə xəndanü dilşad eyləyən,
Ey rəqibi-ru siyəh ömründə xəndan olma heç!
Vəqti-nüsrətdir[35 - Yardım (ə.)] əya xaliqə-səttar[36 - Örtən (ə.)] oluram!
Əfv qıl cümlə qüsuratımı qəffar oluram!
Sahibi-hörmətü mənsəb qulunu qoy bana, yar,
Yəni ol şiri-xuda qatili-küffar[37 - Kafirlər (ə.)] oluram!
Bu qədər naleyi-cansuz[38 - Qəlbi yandıran (f.)] edərəm rəhm eylə!
Qorx ki, Ahim tutacaq vəhm[39 - Şübhə (ə.)] qılub rəhm eylə!
Bəni nalan edərək guşənişin olmaqdan,
Bir nəticə çıkamaz ərz edərəm rəhm eylə!
Sanma bihudə[40 - Əbəs (f.)] bənim, ey bivəfa, əqvalimi[41 - Sözlərimi (ə.)]!
Bax, şu qula bilmək istərsən əgər əhvalimi!
Bir günə saldın bəni bilməm sənin fikrin nədir?
Acizəm bu gündə kim tedad[42 - Saymaq (ə.)] edəm əfalimi[43 - İşlərimi (ə.)]!
Sən əgər ətfi[44 - Çevirsən (ə.)] nəzər etsən pərişan halimi,
Bil qəbul etmiş xuda ölgün bənim emalimi[45 - Əməl (ə.)]!
Kim səni bu halə saldı sorsalar gər dostlar,
Söylərəm ol mahru ağlar qoyan əmsalimi[46 - Düstur (ə.)]!
Biçarə dilcugöz[47 - Ürək alan (f.)] yenə hüznlə məyal olur,
Qəm ləşkəri[48 - Qoşun (f.)] hücum ilə verməz məcal olur.
Bin dürlü qəm cünüdi[49 - Ordu (ə.)] edər xatirə xütur[50 - Xatirə gəlmə (ə.)],
Əmsalsız bahadürə müşkül bu hal olur!

UŞAQLIĞIM
Altı ya beş yaşında təxminən,
Tifli-məsumi, dilxərabi-həzin;
Gəziyor küçə içrə sərgərdan,
Bəni etməzmi dilkəbab qəmin?
Rişəsini tişeyi[51 - Mişar] fələk kəsmiş,
Guya ki, bir nihali[52 - Fidan (f.)] məzlumdur.
Acizəm vəsfinə qərib baxışın,
Arifanə, bu hal məlumdur!
Gediyor peşiman-peşiman.
Gəzir ətrafı çeşmi-xunbarı[53 - Qan ağlayan].
Görüyor nazü neməti əlvan,
Lərzə içrə o çeşmi-gülnarı[54 - Nargülü rəngində (f.)]
Onsız demək bu tifli-zəif,
Arayurmuş həqiqi valideyni;
Baxtı yar oldu, bəxtiyar oldu,
Pək[55 - Çox (türkcə)] sevər də şəfiqi-valideyni!
    1909

LİRİK PARÇALAR

I
Nə gözəl giryədir, bu giryə[56 - Ağlamaq (f.)] xuda?!
Nə qədər dilfirib[57 - Könül aldadan (f.)] por sevda!
Giryeyi-qəmmi? Ya ki həsrətmi?
Hasili-hüzn, ya məsərətmi[58 - Çətinlik (ə.)]?
Giryə həm xəndəyə edər mail,
Seyr edən kimsəyi qılar sail.
Bilməzəm ağlayummı bu halə?
Güləyim qoysə kətmi[59 - Gizlətmək (ə.)] əhvalə?
İki sevdazadə bulub vəslət,
Hicr əlindən tutubdilər fürsət!
Ağlamaq hicrdən şikayətdir,
Xəndələr[60 - Gülüşlər (f)] firqətə[61 - Ayrılıq (f.)] nəhayətdir!
    1909, noyabr

II
Ya rəbb, nə lətif cismi-canan?!
Pur nuri-ziya camalı hər an!
Rəftarı sütudə[62 - Tərifəlayiq (f.)], yari-məsud.
Güftarı həzin, üyuni[63 - Gözlər (ə.)] – xəndan!
Zülfi siyəhi kəmalə varmış,
Bir mah camal, şahi-xuban!
Növrəstə büti, pür işvə tənnaz[64 - Zarafatçı (f.)],
Oldu bana cilvəgər xuraman!
Ey yari-əzizi gülüzarım,
Seyr eylə bu halı şanlı sultan!
Bilməm bumu rəsmi dilbəranə?
Rəhm eyləmiyorlar aşiqanə!

III
Hər qonçəyi görməyə çoxdan həvəsim var,
Lakin sana məclub[65 - Cəlb olunmuş (ə.)] olub, ey şuxi-dilara, -
Bilmərrə həyatım uğrunda durub inlər!
Yalnız səni, sən qonçeyi-yekdaneyi bəklər!
Bilməm nə qədər tatlı[66 - Şirin (t.)] keçənlərdəki didar[67 - Görüş (f.)]?!
Ruhim dəgil ehyamə[68 - Dirçəlmə (ə.)], səbəb şəkk edəməm bən!
Yalnız düşünürəm səni həp zindeyi-əsrim!
Sevdanə giriftar oləli başqa həyətə,
Malikini, təbdilə bin dürlü sifatə!
Eşqindir, əvət! Danmiyoram, danmayasan sən!!!
    1909, dekabr

IV
Təvcihi-nigah etdikcə canım yaxıyor yar!
Yəni nəzər etdikcə, seyran bakıyor yar!

QƏZƏLLƏR
Mərhəmət etsən əgər varmı qüsuri bir gör,
Xaliqin əmr eyləyib bən deyürəm rəhm eylə!
Baisi-mövtüm olub, batma vəfasız qanə,
Bəsdir hicran yarası, bən ölürəm, rəhm eylə!
Çox cəfa eyləyərək tərki-cahan qılırdın,
Sonrakı aşiqinə, bən gedirəm, rəhm eylə!
Ey xudavəndi-kərəm, əhvalimə eylə güzər.
Taşa[69 - Kədər (t.)] təsir eyləyən ahim sana etməz əsər!
Səngdil[70 - Daş ürəkli (f.)] olmaq sana bilməm neyçün vacib kibi,
Sən hərami vacib etdin, çox dilə verdin kədər!
Sən bəni xar eylədin, Allah səni xar etməsün,
Hansı məzhəbdə rəvadır, böylə zülm, ey bixəbər!
Sən bəni nalan edərsən halimə xəndan olub,
Xəndeyi-rəhmət bana bəsdir təcəssüddən səmər.
Öz camalından əgər kəndin xəbərdar olmasan,
Bax də bir ayinəyi xofi-xudadan qıl həzər!
Ararkən yarə uğraşdı, dilim məhsuldar olmuş,
Nə məsudəm, xudavənda, müqabil gülüzar olmuş!
Gecə-gündüz şikayətlər umə ruyin fəraqindən,
Zəbanım lal olub hala: Müsadifi[71 - Rast gələn (ə.)]-hüsni-yar olmuş.
Gəzim əma idi əşki təhəssür tökməkdən naşi[72 - İrəli gələn (ə.)],
Münəvvər qıldı yarım lütflə ol bəxtiyar olmuş!
Nə gördim bir büti-zibayi-məh surət, hilal əbru,
Bənim nəqşim qədər, hüsni məzid[73 - Artmaq (ə.)] girdigar[74 - Çevrə (f.)] olmuş!
Bükülmüş qamətim gördükdə ol sərvi-səmənsayı,
Düzəldi qəddi-məyubim[75 - Şikəst (ə.)], hər qusum feyzbar[76 - Bolluq gətirən (ə.)] olmuş!
    1909, 3 noyabr

YAZIM, GƏL, BAHARIM, GƏL
Ürəyim döyünüb uçar quş kimi,
Düşər torpaqlara vurulmuş kimi!
Sellər, sular coşar qudurmuş kimi!
Vuruşar, döyüşər yorulmuş kimi,
Çəkilər yatağa durulmuş kimi!
Yazım, gəl, baharım, gəl!
Şəmsim, gəl, Nigarım, gəl!
Əsmər üzlü yarım, gəl, -
Gəl, yoxdur qərarım, gəl!
Əzəldən salmışam meylimi, meylimi sana!
Veribdir hüsnünü Leylimi, Leylimi sana?
Dönsəm, üzüm dönsün, dönmərəm səndən,
Sən dönsən mən neylim, mən neylim sana?!
Neylim gəl, ay neylim, gəl!
Sana düşüb meylim, gəl!
Məcnun qaçıb çöllərə, -
Leylim, gəl, ay Leylim, gəl!
Bu bağdan, bu dağdan keçmərəm sənsiz,
Bu sulu bulaqdan içmərəm sənsiz!
Ömür dedikləri bir göy zəmidir.
Bir dərz, oraq alıb biçmərəm sənsiz!
Mudum, mudum, ay mudum,
Sənsən mənim umudum!
Sən bəni unudubsan,
Mən səni necə unudum?!

YUXUMA GƏLMİŞDİN…
…Yuxuma gəlmişdin sən həzin-həzin,
İşvəli, qəmzəli, nazlı nazənin.
Sən coşqun bir bulaq, mən yazıq əzgin,
Sən yanar bir dodaq, mən halsız, üzgün!
…Onbeşdən az idi, yaşım o zaman,
Axırdı qəlbimə yaşım o zaman.
Daşdan-daşa dəydi başım o zaman,
Yazda başlamışdı qışım o zaman!
Sən sevda buludu, mən təşnə dodaq,
Sən pək iyi bir sərv, mən solğun yarpaq.
Mən quru bir ağac, sən gül ağappaq,
Sinəmə dəyirdi oxlar şaqhaşaq!
Canımda qalmayıb nə tab, nə təvan,
Baxışın şimşəkdi, duruşun ceyran;
Dodağın lalədir, ətirin reyhan,
Onsuz da qurbanam, mən sana qurban!
Sən canlı mələksən, mən quru şəkil,
Bən sana tayammı, ay saçı sünbül?
Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan, çəkil!

SEVGİ CANDAN AYRILMAZ
Sevən könlüm sevdi səni,
Sevgi candan ayrılmaz!
Rahibim ol, yolum göstər,
Din imandan ayrılmaz!
Pəncərəyə nə qonmusan?
Yoxsa bəni sən anmısan?
Yüzsən, minsən, milyonmusan?
Ruh gümandan ayrılmaz!
Gündüzüm tar[77 - Qaranlıq (f.)], gecəmsə yox,
Sevincim az, kədərim çox!
Dilim qabar, sözüm “ah”, “ox”,
Ah amandan ayrılmaz!
Məcnun çöldə, mən meşədə,
Canım div tək bir şüşədə.
Gözüm qalıb bənövşədə,
Quş ormandan ayrılmaz!
Kol dibində bitərəm mən.
Bülbül olub ötərəm mən!
Dağa qalxsam, itərəm mən,
Dağ dumandan ayrılmaz!
Dövran atar şeş-beşini,
Yelə verər peşkəşini!
İndisini, keçmişini,
Söz zamandan ayrılmaz!
Kimi ağlar, kimi gülər,
Göz yaşımı kimlər silər?
Balıq bilməz, xaliq bilər,
Gün cahandan ayrılmaz![78 - Qeyd: Bu şeirlər ʻʻAzıxʼʼ folklor muzeyinin arxivindən götürülmüşdür.]

OLMAZ

Yəhya bəy Dilqəmə oxşatma
Dəymə, dəymə, könlüm sana aşiqdir,
Aşiqin qəlbini sındırmaq olmaz!
Mənim sözüm bir ilahi eşqidir,
Kərəmi bu qədər yandırmaq olmaz!
Göydə şimşək kimi çaxdım, ölmədim,
Özümü yandırıb-yaxdım, ölmədim!
Yoluna, izinə baxdım, ölmədim,
Məcnunu bir belə sındırmaq olmaz!
Yalvarram, yaxarram yola gəlməzsən,
Axan göz yaşımı durub silməzsən!
Nə söz anlamazsan, nə dil bilməzsən,
Doğrudan uşağı qandırmaq olmaz!
Rüsvayi-cahanam Sənandan betər,
Sən tərsa deyilsən, bu zülmün yetər!
Sinəmdə bir bülbül göynəyib ötər,
Nə fayda, sözümü andırmaq olmaz!
Qəm çəkər, qəm yeyər Cavad nə vaxtdan,
Kəm oldum taledən, kəm düşdüm baxtdan!
Qarşında qul ollam, düşməzsən taxtdan,
Bu qanlı sevdanı dandırmaq olmaz!

SƏHƏR-SƏHƏR

Şəmkirli Hüseynə bənzətmə
Yarın bağçasında güllər açılıb,
Bülbüllər ötüşür, gəl səhər-səhər!
Çarhovuz başında bir telli sənəm
Baxıb güzgülənir, bil səhər-səhər!
Güllərin üstündə parlayan şehdi,
Qəlbimdən keçənlər nə sərin mehdi!
Gözümə görükən qövsü-qüzehdi,
Hicran qubarını sil səhər-səhər!
Çətirli ağaclar sanki ormandı,
Həyat göz qırpımı, ömür bir andı!
Cavad, düşündüm ki, bu nə fərmandı,
Danış səhər-səhər, gül səhər-səhər![79 - Qeyd: Bu şeirlər Aşıq İslam Yusifovdan yazıya alınmışdır (1962-ci ildə) (Tərtibçi).]

MƏRSİYƏ

Abdulla Surun xatirəsinə
Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın.
Əfsus ki, fikrinə nail olmadın,
Ağla qardaş! Ağlamalı günündür!
Çıxarmayaq yaddan biz tez onları,
Həp vətənə qurban olmuş canları;
Tanrı qəbul etsin belə qurbanları!
Ağla, qardaş! Ağlamalı günündür![80 - Qeyd: Bu şeirlər Aşıq İslam Yusifovdan yazıya alınmışdır (1962-ci ildə) (Tərtibçi).]
    Gəncə, 1912

MİRZƏ ABDULLA (SUR) MƏMMƏDZADƏ
…Gənc və nəcib şairimiz Cavad Əfəndi, həzin və ahəngdar bir tövr ilə yazmış olduğu gözəl və yanıqlı şerini söyləməyə başladı:
Ey qardaşlar! Bir zamanlar elimsizlik dumanı,
Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı.
O zəhərli havalardan gül yanaqlar solmuşdu,
O gün xain, pis əllərdən Vətən xarab olmuşdu!
Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,
Günəş, yağmur, sular bizdən uzaq qaçırdı.
Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı;
Quran nədir? Anlamazdıq.
Vətən nədir? Bilməzdik.
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.
Bu Vətənin bunu görən südü təmiz övladı,
Bir qaç kişi o gün bizim qara günü anladı!
Ağladılar, sızladılar, yalvardılar Allaha,
Ulu haqqın rəhmi gəldi könlü qırıq onlara!
O gün bizim dağlarımız bir az güldü şehləşdi,
Bacarıqlı bir qaç qollar zülmətlərlə əlləşdi!
Ey qardaşlar! Yurdumuza Günəş yeni doğmuşdu,
Bir azacıq – demək olar – dostlar deyən olmuşdu!..
Ancaq dünən başımıza kölgə salan bir bulud,
Önümüzdə!.. Haqqın varsa, ey daş ürək, gəl unut!..
Yox, yox… Sizin məzarınız qəlbimizin ən dərin
Bir yerində saxlanmışdır, o pak ruhun için!
Bütün dünya alt-üst olsa, mən ki, səni unutmam,
Ay qardaşlar! “Amin!” deyin, Allah bunu əfv etsin![81 - Qeyd: Şeri şairin müəllimi Hüseyn Cavid çap etdirmişdir (Tərtibçi).]
    Gəncə, “İqbal”, 1912, 17 may

“ŞÜKRİYYƏNAMƏ”DƏN SƏHİFƏLƏR*

KEÇƏR
Bəzən yosmalar alayı,
Əllərində nurdan ayı
Dağdan, arandan keçər!
Bəzən elin bir qadını,
Bildiyin yoxkən adını,
Gülümsər, yandan keçər!
Hərdən yumuşaq bir ipək,
Dalğalanar ətək-ətək,
Ürəkdən, qandan keçər!
Görürsən bir telli yıldız,
Şimşəyi andıran bir qız
Süzülüb, qandan keçər.
Şümşad boylu, gözü almaz,
Salam verrəm, salam almaz!
Cavadı heç saya salmaz.
Gedib, biyabandan keçər!

GÖZÜM GÖRDÜ, KÖNLÜM SEVDİ
Yağış tökdü üstümüzə
Göylər birdən, bir kərəm, hey!
Güllər baxıb güldü bizə,
İy su oldu o Sənəm, hey!
Şehli bağa bənzədi o!
Göy yarpağa bənzədi o!
Şux zanbağa bənzədi o!
Yan, ey Qərib, Şahsənəm, hey!
Batum əski Qız qalası,
Batum yurdun göz qalası!
Xaqanımın öz qalası,
Səndə doğub Şükriyyəm, hey!
Torpağında, daşındaca,
Gördüm bulaq başındaca!
“Sevdim” on beş yaşındaca,
Bundan sonra kükrəyəm, hey!
Bu ləpirlər izi imiş,
Bəy Süleyman qızı imiş!
Dilək imiş, arzu imiş!
Körük oldu bu sinəm, hey!
O Əslidir, mən də Kərəm,
Mən bu sirri gizlətmərəm!
Yarı burda gözlətmərəm,
Car eyləsin qoy aləm, hey!
Həp ağlını, kamalını,
Həp hüsnünü, camalını;
Sən Cavadın Qumralını
Yaz, ey qələm, ey qələm, hey!..[82 - Qeyd: Bu şeir Əhməd Cavadın Şükriyyə xanıma həsr olunmuş ilk şeirlərindəndir (Tərtibçi).]
    Batum, 15 mart, 1915

MƏN TAPMIŞAM
Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada tapmışam!

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336803) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
İşıqsaçan (farsca)

2
İmtiyazlı (ə.)

3
Bülbül (ərəbcə)

4
Özü (f.)

5
Niyyət (f.)

6
Qəmli (f.)

7
Uca (f.)

8
Özümü (türkcə)

9
Şah sarayı (f.)

10
Lütf (ə.)

11
Şirin

12
Necə (f.)

13
Qeyd. Bu üç rübaini Ə.Cavadın Mədrəsədə müəllimi olmuş XX əsrdə ilk professional Azərbaycan tənqidçisi Abdulla Sur təshih etmişdir (Tərtibçi).

14
Görən (f.)

15
Düşmən qılıncı (ə.)

16
Neştər (f.)

17
Çaylar (ə.)

18
Görünən (ə.)

19
Göz yaşı (f.)

20
Göz (ə.)

21
Fikir (ə.)

22
Ey ürək (ə.)

23
Göz qabağı (f.)

24
Da, də (f.)

25
Lazım (ə.)

26
Unutmaq (f.)

27
Qan tökən (f.)

28
Parlaq (f.)

29
Ölmək, dünyadan köçmək (ə.)

30
Gözəl (f.)

31
Görmək (ə.)

32
Dözmək (ə.)

33
Öldürülmüş (ə.)

34
Nəhayətsiz (f.)

35
Yardım (ə.)

36
Örtən (ə.)

37
Kafirlər (ə.)

38
Qəlbi yandıran (f.)

39
Şübhə (ə.)

40
Əbəs (f.)

41
Sözlərimi (ə.)

42
Saymaq (ə.)

43
İşlərimi (ə.)

44
Çevirsən (ə.)

45
Əməl (ə.)

46
Düstur (ə.)

47
Ürək alan (f.)

48
Qoşun (f.)

49
Ordu (ə.)

50
Xatirə gəlmə (ə.)

51
Mişar

52
Fidan (f.)

53
Qan ağlayan

54
Nargülü rəngində (f.)

55
Çox (türkcə)

56
Ağlamaq (f.)

57
Könül aldadan (f.)

58
Çətinlik (ə.)

59
Gizlətmək (ə.)

60
Gülüşlər (f)

61
Ayrılıq (f.)

62
Tərifəlayiq (f.)

63
Gözlər (ə.)

64
Zarafatçı (f.)

65
Cəlb olunmuş (ə.)

66
Şirin (t.)

67
Görüş (f.)

68
Dirçəlmə (ə.)

69
Kədər (t.)

70
Daş ürəkli (f.)

71
Rast gələn (ə.)

72
İrəli gələn (ə.)

73
Artmaq (ə.)

74
Çevrə (f.)

75
Şikəst (ə.)

76
Bolluq gətirən (ə.)

77
Qaranlıq (f.)

78
Qeyd: Bu şeirlər ʻʻAzıxʼʼ folklor muzeyinin arxivindən götürülmüşdür.

79
Qeyd: Bu şeirlər Aşıq İslam Yusifovdan yazıya alınmışdır (1962-ci ildə) (Tərtibçi).

80
Qeyd: Bu şeirlər Aşıq İslam Yusifovdan yazıya alınmışdır (1962-ci ildə) (Tərtibçi).

81
Qeyd: Şeri şairin müəllimi Hüseyn Cavid çap etdirmişdir (Tərtibçi).

82
Qeyd: Bu şeir Əhməd Cavadın Şükriyyə xanıma həsr olunmuş ilk şeirlərindəndir (Tərtibçi).
Əzilsəm də susmaram! Ахмед Джавад
Əzilsəm də susmaram!

Ахмед Джавад

Тип: электронная книга

Жанр: Стихи и поэзия

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Əzilsəm də susmaram!, электронная книга автора Ахмед Джавад на азербайджанском языке, в жанре стихи и поэзия

  • Добавить отзыв