Nə xoşbəxt imişəm bir zaman Allah…
Kərim Kərim
XX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri olan Əli Kərimi ədəbiyyatımızda şimşək kimi tez çaxıb tez də sönən şairlər sırasına daxil etmək olar. Onun novator, hər cür pafosdan uzaq olan poeziyasının işığı, istisi heç zaman sönmədi, insanları sevməyə, sevilməyə, necə olursa-olsun həqiqətin yanında olmağa çağırdı. Əli Kərim 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaradaraq onu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi.
Vaxtilə Rəsul Rza Əli Kərim haqqında yazmışdı: “Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya çıxır. Şair də var ki, öz-özüylə yarışdadır, hər əsərində bir pillə qalxır, özünü, özgəsini təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi… ”
Sizi bu yaradıcılıqla baş-başa buraxırıq…
Əli Kərim
Nə xoşbəxt imişəm bir zaman Allah!
Orxan Kərimovun əziz xatirəsinə ithaf olunur
Şeirlər
İKİ SEVGİ
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir,
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm,
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil ki, səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək, nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm.
Nöqtə, nöqtə və nöqtə.
QAYTAR ANA BORCUNU
Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına.
Bir oğul böyütdü ki, gur çatmaqaş, gensinə,
Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
Atlını atdan salıb küləklərlə ötüşür,
Baxışından qızların ürəyinə od düşür.
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki, “Gör neçə aya getdi?!”
Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki, “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu,
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü, durdu… O, yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi.
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boynuna həsrət qalan qollara.
Ana oğul böyütdü, gür çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
Oğul böyütdümü o, büzmədodaq bir qıza?
Oğul böyütdümü o, min işvəyə, min naza?
Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha,
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar onun borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!
EY YENİ ƏSRİMİZ
Ey yeni əsrimiz!
Sözüm var sənə…
Bəsitdir nə qədər yanında şerim.
Sənin idrakının zirvələrinə
Uçub yetişməyir
fəhlə sözlərim.
KOSMİK ARZU
XX əsr!
Dağ,
Dağ boyda bir kəlmədir…
Onun yamacına mən
dirsəklənib düşündüm…
Köhnə şeirlərimin
darısqal hücrəsindən
Başıma ulduz yağan
qalaktikaya döndüm.
Gördüm ki, azalıbdır
məsafələr minə bir.
Gördüm ki, şeirin vəzni
daha meridian deyil,
Nə də axıcılığı
təyyarə sürətidir…
BİR-BİRİNDƏN XƏBƏRSİZ DAHİLƏR
Cavandılar,
O qədər də
kəmsavad deyildilər.
Bir-birlərinə tez-tez
Yapışqanlı tərif deyirdilər:
– İstedad!
– Qəşəng!
– Bəh-bəh!
– Sağlığına bir qədəh!
Ayrılırdılar.
Hərə elə o dəqiqə vaxtlı-vaxtında
O biri haqqında
Qaşqabaqlı,
Büzülmüş dodaqla,
Yellənən başla,
Dartılmış qaşla
Deyirdilər: – Əclaflara bir bax,
Yalançı sərraflara bir bax,
Düz adamsınızsa siz
Niyə bilə-bilə
Mənə dahi demirsiniz?
Hamısı
bir-birlərini pislərdi.
Özlərini isə
dahi hiss edərdi.
Beləliklə
yeddi allah,
yeddi axmaq,
Yəni on dörd miyanə
Məclisə
hamıdan tez gələrdilər
Yerlərini bilərdilər.
«Keçin başa» deyiləndə
Səfərbər baxışları ilə
bərk tutduqları
stula tərəf yüyürərdilər,
bir-birinə dəyərdilər.
Sağlıq deyiləndə
Yeddisi də qız kimi qızarıb,
Göyə öyrənmiş başlarını
Yerə əyərdilər,
Gözləyərdilər.
İdman tapançasının
atəşini gözləyən
yürüşçü kimi
gözləyərdilər.
Düşünərdilər:
– Seçilməsəm, ah,
batar, gedər tamam adım.
Baş qaldıranda
görərdilər ki,
Dahi olmayan oğlunun biri
dahi olmayan
tamadadı.
Nəhayət,
günlərin dahiyanə bir günündə
Bir yerə baxıb, bir göyə
Bu onun,
o bunun işini bilməsin deyə,
Bir-birinə xəbər də vermədən
Ayrıldılar,
Getdilər,
Müstəqil dahilik etdilər.
FRAQMENTLƏR
Otuzdan çox yaşamışam…
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstdə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
İki söz arasında.
Xəstə olarkən
Həkimin mənə etdiyi çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında.
Bəzən ölüm sözünün polyar qışında.
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getdiyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir,
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb.
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib,
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında,
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük Ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var,
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Kövrək bir insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm, al səhərimdir.
Şeirlərimə baxıram:
Demə, ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.
2 aprel, 1964
KÜR, SƏNƏ BƏNZƏYƏN NƏĞMƏM OLAYDI!
Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənintək mənalı bir nəğməni mən
“Hardasan”, – deyərək gəzirəm çoxdan.
Doldurub ovcuma sərin suyunu
Sevdiyim nəğmənin bir damlasıtək,
Ey könül, deyirəm, seyr elə bunu,
Mənalı olmağı bundan öyrənək.
Yazdığım nəğmə də istərəm ki, mən
Sədada, qüdrətdə tamam sən ola,
Həvəslə, zövq ilə həm dinlənilən,
Həm də ki, gözlərə görünən ola.
Axar ürəyimə yüz ömrün kamı
O əziz yaransa elə su kimi.
Qoy belə olmasa könlün ilhamı,
Dağılsın bir uşaq yuxusu kimi!
Sənintək, a Kürüm, mənim də nəğməm
Axa şəhərlərə, axa kəndlərə.
Mildə iş qurtarıb susanda aləm,
Xoş səda salaydı aynabəndlərə.
O da dalğalanıb, yeriyib arx-arx
Bu ana torpağı qucaqlayaydı.
Sən ellər gəzəndə işıq saçaraq,
Sözüm könüllərə şəfəq yayaydı.
Sənintək axaydı, səsim də, a çay,
Muğanda “su” deyib yananda düzlər,
Mənim də nəğməmi tarlada hər yay
Sərin suyun kimi içəydi qızlar.
Hər könül istəyim, könül harayım
Ellərin qeydinə belə qalaydı.
Heç nə istəmirəm, mənim Kür çayım,
Bir sənə bənzəyən nəğməm olaydı.
1953
BİR GECƏLİK KÜR OLMUŞAM
Sahilində qaldım Kürün,
Verdim Kürlə baş-başa mən.
Səhərədək göz yummadım,
Etdim ona tamaşa mən.
Qucaqlaşıb Kürüm ilə,
Öpdüm onu neçə kərə.
Gör biz necə qovuşduq ki,
Axır mən də döndüm Kürə
Kürə döndüm!
Kürə!
Kürə!
Artdı gücüm milyon kərə,
Şirvan, Qarabağ kanalı –
Mənim iki güclü qolum:
Qucaqladım ana yurdu,
Əbədiyyət oldu yolum.
Sinəm üstə ulduzlar, Ay,
Könlümdə xalq məhəbbəti,
Eldən-elə axıb getdim, –
Dalğamda dağ əzəməti.
Bircə kəs də bilmədi ki,
Kür bu gecə o Kür deyil;
O, canlıdır görür, duyur,
Şeir yazır, şeir deyir.
Oldum işıq, zəmi, dəniz,
Yuxlamadım səhərəcən.
Gecələdim bir gecədə
Min-min evdə, mahalda mən.
Kür özü də bilmədi ki,
Səsi güclü, gur olmuşam.
Xoşbəxtəm ki, heç olmasa
Bir gecəlik Kür olmuşam.
MAVİ NƏĞMƏ QANADINDA
Neft daşları qəhrəmanlarına
Aşağıda çırpınır dəniz.
Üstümüzdə xəzri də –
Guruldayıb keçən dəniz.
Dörd ayağı üstdə
Titrəyir iki gözlü
Balaca evimiz.
Alt – dəniz,
Üst – dəniz.
Üç gündür minik yoxdur,
Ayrılmışıq dünyadan biz.
Gülüb deyir neftçi dostumuz:
– Belə tufan olmasaydı,
Əlbət, tez qaçardınız.
Üç gündü soyuqdur
Xəzərin qoynunda.
Dəstəkdən otağımıza tökülən
İsti sözlərin qoynunda
qızınırıq.
Qəhrəmanlığa vərdiş
etmiş,
Odur ki, onu unutmuş
İgidlərlə yan-yana,
Xəzərlə bir tavanın altında,
Xəzri kimi hər dalğası
vulkan püskürməsi olan
okeanın altında Xəzər.
Nəhayət, yorulur Xəzər,
Durulur Xəzər.
Mavi bir nəğmə olur Xəzər.
Mənə elə gəlir ki,
Biz üç yoldaş –
Üç susmaz sözük, –
Bu nəğmənin qoynunda
Neft daşlarında.
FƏHLƏLƏR
Fəhlələr yol ayrıcında
görüşdülər;
Sevindilər yamanca…
Sonra hərəsi bir tərəfə
necə gəldi:
Böyrü üstə,
Beli üstə
Tökülüşdülər otlu yamaca.
Sorğu-sual etmədilər:
Hardansan?
Kimsən?
Atanın adı?
Fəhləydilər;
Bu tanıdı,
tanıdı.
Kimin nəyi vardı, çıxardı:
çörək, kartof, yumurta,
üzrxahsız təbəssüm,
bir də başından
içilmiş çaxırdı.
Ötürüb boğazdan aşağı,
Tərif demədilər
Bəzilərimiz kimi boğazdan
yuxarı,
Yedilər ləzzətlə –
Baxmadılar bişmişinə, çiyinə.
Hərdən qüvvətli əl qondu
Dünyanın dayağı bir çiyinə.
Söhbətlərində bir iz yoxdu
Nə “sən, sən”dən,
Nə “mən, mən”dən.
Sonra bir-birlərinə
Neft iyi verən “Pamir”
uzatdılar,
Xahişsiz,
Sözsüz,
Səssiz,
Sümürdülər ləzzətlə
Tüstünü,
Neft iyini,
Dincliyi.
Bir də lal dostluğun ətrini.
Ayrıldılar.
Demə ayrı oldular.
Nə onlar qışqırıqçıydı,
(Nə də çəkdim mən zilə),
Sakit-sakit addımladılar
Dünya boyda
Səmimiyyət adlı bir mənzilə.
MUĞAMI DİNLƏYİRƏM
Ürəyimdə sevinc, qəm –
Muğamı dinləyirəm.
Həm isti, həm soyuqdan,
Həm kölgə, həm işıqdan
Yaranmış bir xoş aləm…
Çarpazlanan əllərim
başımın altındadır,
Təbəssüm dodağımda,
qırışlar alnımdadır.
Tarın sarı simindən dönə-dönə səs qopur.
Qəm qopur, sevinc qopur,
Söz qopur.
Dönə-dönə o səslər
Ürəyimə tökülür,
Könlüm simi titrəyir,
inildəyir,
sökülür.
Kamanın səsi titrək,
Kamanın səsi kövrək
Gah ucalır, gah kəsir,
Gah da coşub, tələsir,
Tar səsinin dalınca,
Mən xəyala dalınca
Duyuram bahar da var;
Payız da var, yaz da var.
Dörd fəsli birdən duyub,
Bircə anın içində,
Üşüyürəm, yanıram
Həyəcanın içində.
Həm arzu, həm iftixar,
Həm təəssüf, həm vüqar,
Həm səadət, həm də qəm
Birdən hiss eləyirəm.
Könlümdə yaz sədası,
Könlümdə yaz havası.
Könlümdə duyğuların
Rəngbərəng,
Aydın, qəşəng
Qövsi-qüzehi vardır.
Könlümün bir yanı isti,
Könlümün bir yanı çiçək,
Könlümün bir yanı çisək,
Könlümün bir yanı qardır.
Səs ucalır, ucalır,
Dağları yada salır.
Səs qayıdır yerə…
Gözə gəlir göy, dərə
Neçə yerdən odlayır ürəyimi
Füzulinin qəzəli.
Arzuları oyadır,
Bulaq üstdən qayıdır.
Başda – yelənmi tir-tir əsən,
Üzdə təbəssümdən – ay.
Azərbaycan gözəli.
Dünənin dərdi, qəmi.
Bu günə də arzusan,
Sabahınsa vüsalı.
Bir hiss olub
Sevinc yaşı, qəm yaşı,
Dodaqlarda birləşir.
Ürəyim, nə var yenə!
Ürək, döyünmə belə!
Duyan sən, səs salan sən,
Qoy eşidim,
Nə olar, bir az yavaş döyünsən!
Ürəyimdə sevinc, qəm –
Muğamı dinləyirəm.
1958
ALTINCI FESTİVALA
Altıncı festivala
mən də gedirdim o vaxt…
Uçmuşdu Moskvaya
Ürəyim məndən qabaq.
Nəhayət, ona çatdım…
Aşıb-daşırdı şəhər.
Məhəbbət kimi safdı,
mehribandı al səhər…
Dolmuşdu nəğməylə göy –
dərya suyla dolan tək.
Göydə nəğmə, göyərçin –
göydə neçə min ürək…
Söz axırdı könlümün
bütün üfüqlərindən,
Sevinc dalğası idim
sevinc dəryasında mən.
Hər küçədə bir ölkə…
Hər yerə, hər ölkəyə
Avtobuslar işləyir.
Hər ölkə nəğmə deyir…
Xalqlar necə yaxındır
sanki bir ürəkdədi.
Qranitdi – səslərin
Gülüşlərin, sözlərin,
Nəğmələrin vəhdəti.
Hazırcavab fransız,
büllur nəğməli hindli,
Doğma dilləri kimi
anlayırdı bir dili:
O dil – təbəssüm, ya da
Başımız üstə uçan
Göyərçinlər diliydi.
Moskva – ölkələrin
məhəbbət mənziliydi.
Orda Azərbaycanın
cavanları da vardı,
Qürur bayrağımızı
ön sırada apardı.
ÇOX YAZDIM GECƏ…
Çox yazdım gecə…
Pozdum.
Demə, barını dərdim.
Könül alışdı, yandı.
Başımdan aşdı dərdim,
Bir qalın xətt çəkəndə
Üstündən yazdığımın,
Kağızda yeri qaldı.
Heç olmasa,
Deyərlər: – Şairin oxucuya
Bir hörmət sətri qaldı.
ƏLLƏR
Külək qarı püskürür…
Yerdən göyə yağır qar.
Qışın öpüşü kimi
Şaxta yapışır üzə.
Güclü çiyinlərində
Uzun-uzun borular
Yeriyirlər neftçilər…
Qalın qar çıxır dizə,
Sanki tutub ayaqdan
İstəmir ki, buraxa
Neftçilər boruları
Daşıyırlar buruğa.
Ağ vulkanlar içində
Alıb dərindən nəfəs,
Fəhlələr bir-birini
Tez-tez eləyir əvəz.
Əllər duyur boruda
Əvəz olunmuşların
Əlinin istisini.
Amma dostların biri
Borudan yapışanda
Bu istini duymadı,
Çıxarmadı səsini
Bildi: kimsə boranda
Göz görməyən zamanda,
Başqası çalışanda
Avaratək verməyib işə canını, şəksiz,
Dostlarının yanıyla
Yeriyibdir ürəksiz.
Bir az sonra budkada
Papaqla üst-başını
Çırpıb oturdu onlar.
Əriyib damcı-damcı
Üstlərindən elə bil
Tökülən qar deyildi:
Axırdı zümrüd anlar.
İsti vurduqca
Əllər nə xoş gizildəyirdi.
Söhbət davam edirdi
Təzə neftdən yenə.
Birisi də elə bil
Özü öz əllərini
Oğurlayıb bayaqdan
Qoymuşdu ciblərinə.
ƏN BÖYÜK GƏMİ
Neft daşları
yada salır
lövbər atmış
ən nəhəng gəmini,
Yaman heyran etdi məni.
Gəmi – şəhərdir,
Gəmi – meydan.
Bura hər yerdən
qonaqlar gəlir.
Gəmi – cahan.
Amma gəmi
Getməyəcək heç yana
burdan.
Gəmi dayanmış
neçə dəmir ayaqlı,
iradə özüllü
bir şəhər kimi.
Könlünü atmış
sulara
əbədi lövbər kimi.
ATAMIN XATİRƏSİ
O, sərt idi. Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə “can” söyləməkdən
Övlad üçün can verməyi asandı ona.
Əməksevən, ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən.
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim.
O utanıb öz ölümündən.
Ah, o, niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.
1959
İLAN
Atam deyərdi…
Sən ilana tüfəngi
gözlərini
yumub at,
öləcək.
Özü qızıl güllənin
qabağına gələcək
Sən onu yox,
o sənin
tüfənginin
İlan yuvası kimi
lüləsini,
yarı yolda olan
gülləsini
kirpiksiz gözlərilə
Tezcə nişan alacaq,
yarı yolda olacaq.
Bir an tüstülü göydə
Gülləylə bir qalacaq,
Sonra göyün qəzəblə
Vurduğu çubuq kimi
yerə çırpılacaqdır.
yerdə qıvrılacaqdır.
Ölümə necə aşiq,
Ölümə necə heyran
olub ki,
Özünün də
ölümünü,
atılıb
Yarı yolda qarşılar,
vəhşi ilhamla ilan.
POÇTALYON
Yenə poçtalyonu Göyçayımızın
Çinarlı yollarla gəlib şən keçir.
Düşünür: “Gör neçə oğlanın, qızın
Eşqi, məhəbbəti əlimdən keçir”.
Yaşı əllisə də, demə, qocadır,
Pionerlərə də o, salam verir.
Görkəmdən vüqarlı, boydan ucadır,
Qabarmış köksünə yaxşı baxın bir.
Rayonun hər böyük, hər kiçik yolu
Ömür dastanının misralarıdır, –
Gəlin təbəssümü, ana “sağ ol”u
Onun dövlətidir, onun varıdır.
Bu yerlər qəlbinə tanışdır, tanış
Öz həyəti kimi, bağçası kimi…
Bəlkə hər qapını min dəfə açmış
Mahud pencəyinin yaxası kimi.
Yükü el salamı, el məhəbbəti,
Bir yüngüllük duyur ağırlığıından.
Körpə uşağın da gülür niyyəti
Yüyürüb məktubu alanda ondan.
Biri uzaqdan da ötüb keçəndə,
– A Qurban, – deyərək onu haylayır.
Bir üstü möhürlü zərfin içində
Məhəbbət gətirir, sevinc paylayır.
– Məktub gecikməsin, – dediyi zaman
Ona çox həyəcan, çox həvəs gəlir.
Daim qulağına meşin çantadan
Neçə salam gəlir, neçə səs gəlir.
Bir səs – ana! – deyir, biri – sevgilim!
Biri – kəndimizdən salamlar sizə!
Biri də söyləyir – gəl, mən də gəlim,
Bacım Zərifədən salam var sizə!
Uzun danışmaq da adəti deyil,
Hər kəsə sözünü tez deyib gedir.
Çantası səsləyir onu elə bil,
O da çantasını dinləyib gedir.
1953
BAKI KÜLƏYİ
Demirəm hər zaman gəz bu diyarı,
Sındır budaqları, əy budaqları.
Bəzən də sakit əs, su kimi durul,
Gəlib dalğa-dalğa tökül qoynuma.
Gah da mənə çatıb havada burul,
Burula-burala dolan boynuma.
Amma ürəyimdə bir sözüm də var,
Sən ey soyuq xəzri, isti gilavar!
Gəlsə yuxu kimi bu həyat sənə,
Min bir mübarizə xatırlat mənə.
O güclü dalğalar, o gur dalğalar
Qəfil yerimdən də qoparsın məni.
Gurlasın o ki var, coşsun o ki var,
Yüyürdə-yüyürdə aparsın məni.
Gurla, var gücünlə gurla, ey külək,
Saçımı da dağıt, sinəmdən də bas!
Mən də cavab verim, mənə qulaq as:
Gəl bir də toqquşub döş-döşə gələk!
Görsən tufansızam, görsən rahatam,
Qoyma xumarlanıb evdə də yatam.
Ey Bakı küləyi, səhərə kimi
Sındır pəncərəmi, döy pəncərəmi!..
1954
BABƏKİN QOLLARI
Qolu sındırılmış Babək,
Yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söylə-söylə,
Döyə-döyə,
Hamıya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək,
Ölübən-dirilən Babək;
Qollarını görməyəndə
Azca rahat olan Babək;
Bir qırmızı yuxu içrə:
Uzaqlara dalan Babək.
Deyən Babək: – Aman dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınc çalan
Qollarımla bir vuruşun.
İyun, 1969
FÜZULİ
“…Fələklər yandı ahimdən…”
Füzuli
Dünya səni qocaltdı yaşıdın olsun deyə
Gömüldü dərdin yerə, ucaldı ahın göyə.
Dərdə şərik – dərd özü, sükut – suala cavab.
Qranit dağlar belə, gətirməzdi buna tab.
Füzuli, o nə dövran!.. – Görsələr yanır insan
Yanana od verdilər.
Füzuli, o nə kədər!
Görsələr donur insan,
Donana buz verdilər…
Füzuli, o nə qədər? –
Görsələr batır insan,
Batana dəryaları
birdən bəxş elədilər,
Dünya səni qocaltdı,
Qocaldın dünya kimi,
Könlün kədərlə dolu –
çalxanan dərya kimi.
Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.
Ey böyük ustad,
heyhat,
Ürəyində o ada, şöhrətə yer vardımı?
Min bir kədər əlindən
orda yer qalardımı?
Gəldi cavan bir qızın
vədəsiz məhəbbəti,
Könlündə dərd əlindən
bu eşqə yer vardımı?
Bəzən də xanəndənin
cilvələndi sənəti,
Qəzəllərindən ayrı
qəzəl oxunardımı?
Doğma sözlərinə də
qəlbində yer vardımı?
Dünya səni qocaltdı –
cavan görünsün deyə,
Yanğınlar tüstüsütək
ahın ucaldı göyə.
Sən od tutub alışdın.
Bu odu qoca Şərqin
hər yerindən gördülər –
gördü bu doğma yerin.
Bütün bu gen dünyanın
gözləri göydə qaldı.
Göy də şəfəqlər saçan
ahına baxdı, daldı.
Dedilər ki, fələklər
yaratmışdır bu odu,
Fəqət bu oda yanan
fələklər özü oldu.
Baxıram ucalardan
gəlir Füzuli səsi.
Görünür ucalarda
onun nurlu izləri.
O ulduzlar
Füzuli yanğısının közləri,
O Günəş də Füzuli odunun nişanəsi.
1958
XƏTAİ
(poemadan parça)
Xətai at belində,
At xəyal qanadında,
Xəyal da təsəvvürün
təsəvvürünə süvar…
Düşmənin təhqir qədər
İti qılınclarından
Yerdə Vətən bölünür,
Dodaqda «Vətən» sözü,
Çayda axan duru su.
Günəş də parçalanır
Yaralı bir əsgərin
Gözlərinə tökülür.
Torpaq ayaqlar altda,
İntizar bir ananın
Köksü kimi sökülür.
Xətai at belində…
O qədər qəzəblənib
yanıb dırnağınadək
İndi elə bilir ki,
Atı da o aparır,
Keçirib ayağının
Barmaqları ucunda…
Xətayi at belində,
At qəzəbin belində
At az qalıb uçuna…
Qurumuş boğazını
Yaş eləməkçün bir az
Xətai hərdən sorur
Dodaqdakı qanından.
Ona elə gəlir ki,
qılıncını heç zaman
Çıxarmamış qınından.
Ürəyindən çıxarır,
Saplamışdı düşmənin
Ürəyinin başına…
Zəfər olub dost ona
Nizəylə nöqtə qoymuş,
Düşmənin sinəsində
Başladığı dastana.
YAZIRSAN GECƏLƏR…
Yazırsan gecələr…
dostun, yoldaşın
Sadə təbəssümü işığında sən.
Eh, yoxsa, yoxsa ki, yazmaqmı olar –
Lampa işığında nə edəcəksən?
Görürsən qərq olur mənimtək o da
Bir nadan sözünün söz kölgəsinə.
Eh, lampa işığı,
dost təbəssümü
Gərək işıq versin onun özünə.
Şeirim dedilər ki, bəyənilməyib…
Sevinir nadansa… Bu sevinc nədir?
Görünür, onun da ən gözəl şeiri
Sənin bu şeirinin zəifliyidir.
Yazırsan gecələr… Daha da çox yaz…
Nə qəm çək, nə də ki, təəssüf eylə.
Sən yaxşı işləsən, gülümsəyəcək
Hər yazın dostların təbəssümüylə.
1961
AZƏRBAYCAN
Azərbaycan!
Odlar yurdu! –
Ürəklərin odundan
Yaranmış bir diyar.
Dostuyla
hər dərdi-məlalı,
Sevinci bir duyar.
Azərbaycan –
Tarixlər şahidi,
Nizamisi sərhədsiz təfəkkürü,
Nəsimisi həqiqət şəhidi.
Füzulisi – könlün
Hər guşəsindən
xəbər verən,
eşqin bütün çalarlarını görən
dünya ürəkli bir sənətkar.
Nəsrəddini, Cəlili
çiynində xalq dərdinin
Kəpəzi,
Şahdağı.
Sinəsində çalın-çarpaz
göz yaşı,
ah dağı.
Sabiri – gülüşündə hüzn,
Kədərində hüsn,
Sükutunda tufan,
Tufanı ərşə dayaq alovdan
Yaranan bir insan
Azərbaycan!
Şöhrəti sərhədlər aşan,
özündən böyük
ölkələrlə yarışan,
dünyaya yaraşan,
yaraşıb ona gözəllik verən,
neft diyarı,
Yanar ən uca zirvələrdə
şöhrət ulduzları.
Suları üstündə
dünyanın
ən nəhəng gəmisi kimi
lövbər atmış
polad küçəli,
min ayaqlı,
dalğaların nəğməsi zirvəsində
qərar tutmuş
cavan,
ləngərli,
qorxmaz,
igid bir şəhər.
Dalğalar üstünə
mavi nəğmələr
səpələr.
Azərbaycan!
İnsanı –
təbiət kimi təbii,
mehriban,
təbiəti hər dildə
danışa bilən insan.
Yolları insanla,
mənayla dopdolu
şeir misrası.
Məna ətriylə
doldurar dünyanı
onun milyon çalarlı
hər yazı.
Çaylarında könül oxşayan
nəğməli bir haray.
Qüzeyi – qış,
güneyi – yay –
Azərbaycan!
Gecə-gündüz
ilhama gətirən məni.
Azərbaycan!
Könlümün,
ruhumun,
sevincimin,
kədərimin,
fikrimin Vətəni
Azərbaycan!
İnsan zəkasının
işıqlandırdığı,
könlündə
min çıraq yandırdığı
bir diyar.
Bayramı zəfərlərlə,
bugünkü parlaq,
sabahkı daha parlaq
səhərlərlə dolu;
Yolu –
Bəşər fikrinin
zirvə yolu.
KÜR
Hara gedirəmsə…
kəndə, şəhərə,
Mən Kür görürəm.
Qızıl dalğasını doğma Kürümün
İndi hər otaqda
Mən Kür görürəm.
Kürün özünə də Kür işıq saçır;
Kürün üzərində
Mən Kür görürəm.
ÜRƏYİM BOYLANIR O YERƏ SARI
Ürəyim boylanır o yerə sarı,
Gözlərim yol çəkir…
çəkir yolları.
Gah hava yolunu,
gah su yolunu,
Gah şosse yolunu,
arzu yolunu.
Tökülür üstümə
yollar qovşağı.
Alnıma,
üzümə
dolur qırışıq.
Gözlərim yol çəkir
neçə diyarla,
şəhərlə qarışıq,
kəndlə qarışıq.
Gözlərim o qədər
yorğun olur ki,
Gözlərim o qədər
yolla dolur ki,
Gecə sübhə qədər,
şirin yuxu tək
Tökülür onlardan
sinəmə yollar,
neçə kənd, şəhər,
nə qədər diyar.
Doludur yollarla gözümün içi,
Gözümün üstə də yollara yer var…
ANA
Demirəm göy kimi ucadır adın,
Yox, yox alçalmasın söhbətin, sözün.
Sən ki yaranışdan oxşar olmadın,
Ancaq özün kimi böyüksən özün.
Əyilib alnından öpəndə hərdən
Könül dodağıma bir də öp, – deyir.
Ağarmış saçına əl vuranda mən
Əlim Şah dağının başına dəyir.
Mən səni bağrıma basanda bərk-bərk,
Gör nələr düşünüb, nələr duyuram!
Elə bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.
1952
DƏNİZ
Dostum İ.İslama
Üfüqlərə başını
Qoyub uzanmış dəniz…
Onun böyük qəlbində
Kiçik bir duyğu kimi
Çırpınır dağ gövdəli,
Dağ siqlətli gəmimiz.
– Mən,
Baxıb, göyərtədən
Görürəm ki,
Tullayır biri yemiş qıçası,
Biri kağız parçası,
O biri, nə bilim, nə –
Dənizin saf qəlbinə.
Dəniz coşub-daşmayır;
Suları çaxnaşmayır.
Sakit əzəmətiylə,
Gücüylə,
Qüdrətiylə
Ona atılanları
Saflığına qərq edir.
Fikir verib görürəm:
Dəniz yenə təmizdir.
Dəniz yenə dənizdir!
SƏFƏRDƏN SONRA
O endi yerə
orbitdən,
Nəhayətsizlik
ilğımlarından.
Ona
Xeyli balaca,
yöndəmsiz,
gözəl göründü cahan.
Gəncin döşündə əlvan üfüqlər,
Gözlərindəsə
Yerdən çox böyük
ulduzlar qatı
Görüş…
Öpüşmə…
Şirin yorğunluq…
Getdi…
Uzandı…
Yatdı.
Evdə?
Eyvanda?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336779) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.