Axı dünya fırlanır…

Axı dünya fırlanır…
Bəxtiyar Vahabzadə
Poeziyamızın qüdrətli nümayəndəsi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir.
Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır.
Xalq şairi Bəxtiyar Vahabzadənin bu kitabında müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri və poemaları toplanmışdır.

Bəxtiyar Vahabzadə
Axı dünya fırlanır…

ANA DİLİ
Dil açanda ilk dəfə ana söyləyərik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil,–bizim ruhumuz, eşqimiz,
canımızdır,
Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz
genişliyindən,
Ağ saçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım, sanımsan,
Namusum, vicdanımsan.
Millətlərə, xalqlara xalqımızın adından
Məhəbbət dastanları yaradıldı bu dildə.
Moskvada Puşkinə heykəl qoyulan zaman,
Ona abidə qoydu bu dildə Şirvani də.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.
    Noyabr, 1954

TƏKLİK
Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Yüz ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə,
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.
İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan…
Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq, insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar, nə yağış yağar…
Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?
Öz el-obasını tərk etdiyindən,
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
Od vurmasa, qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.
Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma, dostlar,
Mənim bir günüm də sizsiz olmasın.
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın!
    Mart, 1956

SƏN ATDIN YERƏ
Nə deyib saçını kəsdirdin, gülüm?
O gün gəlməyəydin görüşə barı.
Kəsdirdin, ayaqlar altına düşdü
Qumral saçlarının qıvırcıqları.
Hər buruq telinə can demişəm mən.
Saçını nə qədər iyləmişəm mən.
Mənim toxunduğum qara telləri
Kəsdirib ayaqlar altma atdın.
Sən saç uzatdığm neçə illəri,
Düzünü söyləsək, bir günə satdın.
Sənin saçlarını axı, neçə il
Sıxıb qərq etmişəm mən öpüşlərə.
Düşünsən, sevgilim, saçların deyil,
Mənim öpüşlərim atılmış yerə…
    İyul, 1957

AY İŞIĞINDA
Nəğmə var, dinləyəndə,
elə bil, yetişirsən
ən böyük muradına.
Nəğmə var, dinləyəndə
bütün qəmin, kədərin
gəlir düşür yadına.
Nəğmə var, dinləyəndə
ötən şirin günləri anır, anır, yanırsan.
Nəğmə var, dinləyəndə
sən torpaqdan üzülüb,
göyə qanadlanırsan…
Nədəndir, ey sevgilim,
Dinləyəndə hər dəfə
mən “Ay işığında’nı,
Sən düşürsən yadıma?
Yetişirəm, elə bil,
bu dünyada ən böyük
arzuma, muradıma.
Ay işığı rəqs edir,
Sanki o ay üzündə.
Bəlkə, ay işığından
Yarandın sən özün də.
Sən də o mahnı kimi
Həm incəsən, həm dərin,
Həm həzinsən, həm şirin!..
    Dekabr, 1957

GƏLİR
Tarıma çəkilmiş simə bənzə sən!
Titrə bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa, gilavar gəlir.
Bir az sıxlaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar.
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.
Müyəssər deyildir hər kəsə ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.
Qəlbim götürməyir bəri-bəzəyi
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi
Səni başa salmaq mənə ar gəlir.
Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir.
    1950

ÖMÜR
Y.Məmmədəliyevə ithaf
Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.
Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.
Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?
Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.
Yaşamaq – yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.
“Bu dünya beş gündür”, – deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.
    Fevral, 1956

GECƏ BULAQ BAŞINDA
E. İbrahimova bəstələmişdir
Sakit axıb gecələr
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar,
Əfsanələr danışır.
Sirlərlə doludur
Gecələr bulaq başı.
Onun zümzüməsidir
Gecələrin sirdaşı…
Səpələnib toz kimi
Şırıltıyla axan su –
Neçin pozur gecənin
O dərin sükutunu?
Bəzən aylı, süd kimi,
Bəzən qara gecələr –
Bulaq laylamı çalır
Yatanlara gecələr?
Nə deyir laylasında
Ötüb qumrular kimi?
O – keçmişin naləsi,
Gələcəyin sirrimi?
Bulaq nə deyir görən,
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır?
        Avqust, 1956

SƏKİLƏR
Əlimdə bir dəstə gül,
dayanmışam səkidə.
Vağzal boyu gəzirəm,
ürəyim səksəkədə.
Qanad açıb, uçuram
sanki buludlarda mən,
Hamı bilsin, yarımı
gözləyirəm burda mən.
Hər baxanda saata,
ancaq, qanım qaralır.
Yamanca tez gəlmişəm,
hələ vaxta çox qalır.
Qarşımda bir qatar var.
Vaqonlara quş kimi
çıxır, düşür adamlar.
Hamı gülür-danışır,
Küsülülər barışır
Ayrılıq məqammda.
Nələr keçir bu adla,
Ürəklərdən, eh, nələr…
Xəfif gülümsəmələr,
Çaşmalar, karıxmalar,
Mehriban əlsıxmalar…
Ağlayan kim, gülən kim,
Yarına gül verən kim,
Pəncərə arxasından
Busələr göndərən kim.
Pıçıltılar, vədələr,
Xəlvəti hıçqırıqlar.
Onların arasında
yəqin sevgilisini
yola salanlar da var.
Deyirlər ki, bu qatar
gedəndən sonra ancaq,
Sevgilimi gətirən
qatar gəlib çıxacaq.
Bəs bu niyə getməyir?
Qəribə gəlir mənə.
İstəyirəm önümdə
bir tir kimi uzanan
Bu qatar tez tərpənə.
Ah… yarını ötürən
Nə düşünür bəs görən?
Mən deyirəm, ay qatar,
de dayanma, tez yeri!
O deyir ki, sınaydı
qatarın təkərləri.
Mən deyirəm, bu anlar
məni gətirdi cana,
O deyir ki, bu anlar
İllər qədər uzana.
Mənim üzümdə sevinc,
onun üzündə kədər,
Onunçün ağlayırsa,
mənimçün gülümsəyir,
səkilər, ağ səkilər.
Yarı yola salanın
könlünə dağ çəkilər!
Səkilər, ay səkilər.
Üstünüzə nə qədər
damıb isti göz yaşı!
Burda yola salıbdır
neçə bacı qardaşı.
Neçə ana balanı,
neçə yar öz yarını,
sevimli baharını.
Bir ay əvvəl burdaca
ayrıldım sevgilimdən,
Bir gün görüşəcəyəm,
yenə, yenə burda mən.
Bir işə bax, işə bax.
Bir səkidə bir anda,
Dayanıbdır yanaşı
Yarı yola salan da,
yarı qarşılayan da.
Kim gecəni gündüzlə,
günəşi ayla görnıüş?
Kim hicranı vüsalla,
qışı da yayla görmüş?
Bu səkidə qarışır
su atəşə, ay günə,
Hicranın göz yaşları
vüsal gülüşlərinə.
Bu dünyada vüsalla,
hicranm görüş yeri,
Bəli, bu səkilərdir,
bu vağzal səkiləri!
     Mart, 1957

DAĞDA ŞƏLALƏ KİMİ
Bir rəngi yox, göylərin min rəngini sevirəm
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm.
Göydə qürub çağı da, dan yeri də gözəldir.
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat – bir cıdır düzü, bir döyüş
meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda heyif ki, daim eniş axtaran,
“Azca aşım, ağrımaz başım” – deyənlər də
var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər.
Əsl könül həm qəmi, həm sevinci əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur.
Daim sevinc axtaran daim qəmə tuş olur.
Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.
“Bu dünyada birtəhər qoy yaşayaq”, –
deyənə,
Ah, birtəhər!.. Lüğətə bu söz hardan
gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər
nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü
canlara”,
Gündən qaçıb həmişə kölgə axtaranlara…
Onlar ortada yeyib, qıraqdasa gəzdilər,
Namusu xərcləməkdən onlar
çəkinməzdilər.
Onlar orta yol tutub nə “hə”, nə də “yox”, –
dedi.
Havaya nə “istidir”, nə də ki, “soyuq”, –
dedi.
Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən.
Özgəsini qorxudub hürkdülər özlərindən.
Onlar qazdan ayıqdı…
Onlar havaya baxdı…
Gah yağışa, gah qara,
Gah qışa, gah bahara,
Gah axşama, gah da ki, səhərə dəm
tutdular.
Özlərini düşünüb özgəni unutdular.
Səslərdən səs aldılar, öz səsləri olmadı.
Yaşadılar ölü tək, nəfəsləri olmadı…
Getdilər iş dalınca, ürəkləri getmədi…
Gəzdilər… Hey gəzdilər.
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi…
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömürdə bircə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir, axı, hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər.
Min-min dəfə ölənin matəmi yassız keçər.
Qardaş, min duyğu ötsün ürəyindən bir
anda.
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək,
gül.
Gülsən də, ağlasan da tamam doysun qoy
könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uca zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin.
Onun qasırğasına, dalğasına vurğunam.
Qoy döysün yağış məni, boran məni, qar
məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitcə bir otaqda
gəlib keçsin lal kimi…
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Bağçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxanmaq
istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq
istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.
Bir rəngi yox, göylərin min rəngini
sevirəm.
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!
    May, 1960

KİMDİR MƏNİM DÜŞMƏNİM?
Kimdir mənim
Ən qorxulu düşmənim?
Kaş biləydim bunu mən.
O zərbə vurmamışdan
Kəsəydim yolunu mən.
Kimdir mənim
Düşmənim?
Yaxşımı qoyub
Yamanımı danışanmı?
Yox!
Eyblərimi deyib
Arxamca gülənmi?
Yox!..
Mənim nöqsanlarımı
Məndən yaxşı bilənmi?
Yox! Yox! Yox!
Onların gözlərini
Taxaydım öz gözümə.
Özgələrin gözüylə
Baxaydım öz-özümə.
Bacarsaydım bunu mən
Bu dünyada nə dərdim…
Mən onda öz-özümü
Daha yaxşı görərdim.
Onda eyiblərimə
Özüm düşmən olardım;
Görsəydim öz-özümü,
Onda mən, mən olardım!
Ah!.. Məni məndən gözəl
Görə bilən dostlarım,
Arxamca qəh-qəh çəkib
Mənə gülən dostlarım,
Gülün, elə gülün ki,
Çatsın qulaqlarıma
Sizin gülüşləriniz.
Yamanımı danışın,
Elə danışın ki, siz
Mən də xəbərdar olum.
Danışın, qoymayın ki,
Mən özümə vurulum.
Ən qorxulu düşmənin
Gələrəm öhdəsindən,
Ancaq özüm özümlə
Bacara bilmirəm mən,
Bacara bilmirəm mən.
Özüm öz əllərimlə
Bir gün bal içirəmsə,
Bir gün zəhər içirəm.
Mən həyat yollarından
Ayaqlarımla deyil,
Əqidəmlə keçirəm.
    Aprel, 1960

ONUN PƏRİŞANLIĞI
Füzuli heykəlinin açılışı münasibətilə Heykəlin müəlliflərinə
Sağ olun,
Çox sağ olun,
Gözəldir heykəliniz.
Qoy var olsun əliniz!
Füzulini deyil, siz
Bu günü duymuşsunuz.
Sənətin bizim əsrə
Sözünü duymuşsunuz.
Öz əsrində Füzuli
Axı, nəyə ağlamış?
Kim deyir ki, Məcnuna,
Ya Leyliyə ağlamış?
Mən anlaya bilmirəm
Şah tsmayıl əsrini
Yamanlaya bilmirəm.
O, öz zərrə dərdinə
Ümman dedi, dağ dedi.
O, öz “yalanlarıyla”
Əsri də silkələdi.
Bizsə ağ yalanları
Daddıq həqiqət kimi –
Bədbəxtliyi səadət,
Zəhəri şərbət kimi.
Heykəliniz gözəldir!
Onun o əyri beli
Sanki mənim əsrimin
Dərdilə yüklənibdir.
Şeirinin hər nidası,
Nəğməsinin hər xalı
Əsrinə köklənməyib,
Əsrimə köklənibdir.
Onun pərişanlığı
Köksündə od qalanmış
Ana yurdu talanmış
Elin pərişanlığı…
Yüz yerə parçalanmış
Dilin pərişanlığı.
O, sakit görkəmiylə
Qaya kimi dayanıb,
Dərya kimi çağlayır.
Böyük türk millətinin
Dünəninə güvənir,
Bu gününə ağlayır.
    İyul, 1962.

ÖZÜMDƏN NARAZIYAM
Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.
Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?
Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.
Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.
Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.
    İyul, 1960, Riqa

BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə
keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha
mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri
dönməyəcəksən!…
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum,
tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən,
gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama
dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı
canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi,
gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.
    Sentyabr, 1961

ANA HƏDİYYƏSİ
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
– Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.
    Avqust, 1962, Şəki

VƏTƏNDƏN-VƏTƏNƏ
Arazın
bu tayı Vətənim,
o tayı Vətənim.
Vətəni görməyə amanım yox mənim.
Bu necə vətəndir?
Görmədim üzünü
Çatsam da bu yaşa
Ömründə bir dəfə.
Bəs salam verməzmi
Qardaş da qardaşa?
Bu qəmim, bu dərdim dağlardan ağırdı
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə…
Vətəndən-Vətənə baxıram.
    Oktyabr, 1962

HABİL SEGAHI
Kəmanə kamana toxunan zaman
Tufanmı hayqırdı, selmi çağladı?
Bədbəxt bir qəribin ah-amanından
Bəlkə göy kişnədi, bulud ağladı?
Durnamı ayrıldı, öz qatarından
Obamı dağıldı, elmi talandı?
Zamanmı ayrıldı öz axarından?
Əslimi hıçqırdı, Kərəmmi yandı?
Kamanın qolunda yatan xalların
Hər biri qəm yurdu, hicran yuvası.
Bir qolun üstünə cəm olub min-min
Nəsimi üsyanı, Vaqif nəvası.
Ondakı bu qüdrət, bu sirr nədir, nə?
Əzabla, zillətlə doludur bu qol.
Aylara, illərə, qərinələrə
Bölünən tarixin yoludur bu qol.
O enən, o qalxan səslər, avazlar
Yaz başı dağların selidir bəlkə?
Kamanın bağrında ağaran tozlar
Yanan arzuların külüdür bəlkə?
Bu səs, sınaq üçün – qüssənin, qəmin
Könüllər evinə səyahətimi?
Bu səs, ilk atamız qoca Adəmin
Təklikdən gileyi, şikayətimi?
Bəlkə susdurulan neçə dahinin
Yaralı ruhudur bu səs, bu nalə,
Danışmır… düşünür dərindən-dərin
Sözsüz nəğmələrlə ağlayır elə.
Hər xalı bənzəyir bir yanar közə,
Qığılcım sıçrayır hər nəfəsindən,
Bu səslər danışır bəlkə də bizə
Atəşlər yurdunun fəlsəfəsindən.
Deyirəm, bu səsi dinləyəndə mən,
Niyə dəqiqələr dönüb il olmur?
Bu səsin oduna, deyirəm, görən
Niyə bütün səslər yanıb kül olmur?
Bu səsdən ürəyim oldu bir tikə –
Bağrımın başında yaradır bu səs.
Ayın camalında qara bir ləkə,
Lalənin köksündə qaradır bu səs.
Yox! Kardır qulağı kainatın da,
Eşidə bilsəydi suya dönərdi.
Sonsuz kainatın sonsuz qatında
İşıqsız ulduz da şölələnərdi.
Bu ahmı, amanmı ucalır yerdən,
Yer öz fəryadına özü bezdimi?
Qoca Füzuli də bu nalələrdən
Ney kimi bənd-bənd kəsilməzdimi?
Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi,
Odun atəşinə od şan-şan olur.
Bu səsin oduna alışar su da;
Ağac hər atəşə alışan olur,
Bu niyə alışmır belə bir oda?
Habil! Ay insafsız, ürəyimizi
Yandırıb yaxmaqda qəsdin nədir, nə?
Niyə yandırırsan atəşsiz bizi?
Bu haqqı kim verib, kim verib sənə?
    Sentyabr-oktyabr, 1964

TƏYYARƏLƏR
İsmayıl Şıxlıya
Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr,
Məhəl qoymaz
nə yağışa,
nə küləyə
təyyarələr.
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli…
Aşıb-daşar təyyarələr.
Yerdə deyil,
göydə yaşar
təyyarələr.
Sərnişinə
Vüqarından – vüqar verir
təyyarələr,
Günlərin yox,
Saatların az ömründə
Qütbləri birləşdirir
təyyarələr.
Gecə gedir,
Gündüz gedir
təyyarələr.
Məqsədinə,
Mənzilinə dümdüz gedir
təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
Dolay bilməz
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz təyyarələr.
İçəridən alışmasa
bu sürətlə,
bu cürətlə
Gedə bilməz
təyyarələr.
Özü kimi
Ölümü də mərdanədir.
Mənzilinə uça-uça,
qaça-qaça
Öz içindən tez üzülər
təyyarələr.
Yavaş-yavaş ölə bilməz.
Öləndə də birdən ölər
təyyarələr.
    Aprel, 1966

KRIMDA TATAR QƏBİRLƏRİ
Torpağən altında yatır yerlilər,
Üstündə gəlmələr kefdə, damaqda.
Yerlinin dərdini yersiz nə bilər?
Yerlinin haqqını o, tapdamaqda.
Gəlmə haqlı bilir özünü, haqlı!
Yerlinin yurduna yolları bağlı…
Bilmirəm Krımın öz sahibləri
Bu torpaq altında necə dincəlir?
Millət bu diyardan gedəndən bəri.
Ruhlar öz yurdunu ziyarət üçün
Sibirəmi gedir, buramı gəlir?
Tatar məzarları… əl açıb göyə
Torpağı qaldırıb niyə qabarmır?
Ölülər yer altda, görəsən, niyə
Haqq deyə qışqırıb fəryad qoparmır?
Krımı götürüb çiyinlərinə
Millət olan yerə niyə aparmır?
Məzarlar bu yurdun öz sahibləri
Niyə bu zillətin bağrını sökmür?
Torpağın üstündə sahibkar kimi
Gəzən gəlmələri dənizə tökmür?
    May, 1966 Krım, Yalta.

BƏXTİYARAM MƏN
Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.
    Dekabr, 1962

BAKIYLA TƏBRİZİN ARASINDAYAM
Mənim qismətimdir alatoranlıq
Gecəylə gündüzün arasındayam,
Qurulur içimdə mizan-tərəzi,
O gözlə, bu gözün arasındayam.
Yollar ayrıcında çox talanmışam,
Fikirlər əlində haçalanmışam.
Təpədən qorxmuşam, düzü danmışam,
İndi dağla düzün arasındayam.
İlişib qalmışam qəm çalasında,
Bir gözəl tilsimin daş qalasında,
Həmişə qapılar astanasında
Bayırla dəhlizin arasındayam.
Bəxtiyar, sinəndən neçə “mən” keçir
Biri dərdli keçir, biri şən keçir,
Məftilli çəpərlər sinəmdən keçir.
Bakıyla Təbrizin arasındayam.
    May, 1969

QOCALMIR
Qocaldır insanı, qocaldır zaman;
Ürəyin atəşi, közü qocalmır.
Dağları, daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə özü qocalmır?
Getdi baharımız, yer qışa qaldı.
Düzlər qara qaldı, yağışa qaldı.
Bizimki bir quru baxışa qaldı,
Neyləyək arzunun gözü qocalmır.
Bəxtiyar, düşünək biz dərin-dərin.
Xəyallar möhtəşəm, arzular şirin.
Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.
    1965

AZƏRBAYCAN OĞLUYAM
Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam:
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Torpaq qədər şanlıyam.
Od kimi yandıranam.
Su kimi söndürənəm
Məni yandırsalar da,
Suda batırsalar da,
Yenə mənəm,
mən mənəm!
Köküm üstə bitmişəm,
Şöhrətim var,
Şanım var.
Mənim gələcəklə də
Öz əhdi-peymanım var.
Azərbaycan oğluyam,
At belində doğuldum;
Zamanın qazanında
Neçə dəfə dağ oldum.
Mənim damarlarımda
Gur sellər çağlamışdır.
Anam cəngilər üstə
Məni qundaqlamışdır.
Azərbaycan oğluyam,
Min ildir,
öz adımın
Keşiyində durmuşam,
Silahım olmayanda
Nifrətimi barıttək
Qəlbimə doldurmuşam…
Hünər göstərməyincə
Adsız yaşamışam mən.
Dədəm Qorqud ad verdi
Mənə öz hünərimdən.
Yoluma nur çiləyən,
Qoluma qüvvət verən
Eşqim,
ustadım oldu;
Adım doğdu hünərdən
Hünərim, adım oldu.
Azərbaycan oğluyam,
Yaşım adımdan qədim.
Heç kəsin toyuğuna
Ömrümdə “kiş” demədim.
Kimsənin torpağında
Gözüm yox;
bilsin aləm
Torpağımdan bir çərək
Kimsəyə də vermərəm.
Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan.
Musiqim – Qarabağdır,
Sözlərimsə – Naxçıvan.
Bu torpaqda yaranmış
Koroğlunun cəngisi,
Qıratın üzəngisi!
Özümə vurulmadım,
Sevinc də görmüşəm mən,
Sitəm də,
Dərd də,
Qəm də…
Sabirin göz yaşıyla
Özümə gülmüşəm də.
Çənlibeldən düşəli
Cığırları dağıdıb
Geniş yollar salmışam
Çənlibeldən də uca
Dağlara ucalmışam.
Ucalsam da günbəgün,
Dünənki son zirvəmə
Bu gün yenə “az” dedim.
Tarixin kölgəsində
Daldalanan millətin
Sabahı olmaz dedim!..
Neyləyək ki…
zamanın
Uğursuz yollarında
İkiyə bölünmüşəm.
İki başlı, bir qəlbli
Bir bədənə dönmüşəm.
Həm Təbriz, həm Bakıdır
Məkkəm, Mədinəm mənim.
Pasportsuz yaşar bu gün
İki Vətəni olan
Azəroğlum, Qafarım,
Əlim, Mədinəm mənim.
Balaş, biz ikimiz də
Bir ananın oğluyuq,
Biz ki, Azəroğluyuq.
Hər ikimiz əzəldən
Bir arzunun quluyuq.
Elimiz də bir bizim,
Dilimiz də bir bizim.
Vətənimiz bir bizim,
Dünənimiz bir bizim,
Olmuşuq bir Vətəndə
Biz bu gün başqa-başqa.
Bizim talelərimiz
Bəs neçün başqa-başqa?
Öz məsləkim, öz eşqim
Daim məndən öndədir.
Azərbaycan bayrağı
Başımın üstündədir!..
Əqidəmin, eşqimin,
Qanımın rəngi bayraq,
Bütün arzularımın,
Qızıl çələngi bayraq.
Hər şeydən bu dünyada
Şərəf uca
Şan uca,
Zamanın yollarında
Mən ki, səni tutmuşam,
Daim başımdan uca!
    Noyabr, 1966

EKRANDA GÖRÜŞ
Oğul şəhərdədir,
Anasa kənddə,
Görüşə bilmirlər bir məmləkətdə.
Ekranın önündə oturub ana
Fəxrlə,
Qürurla baxır oğluna.
Oğul şeir oxuyur: “ay anam sənə
Canımı versəm də, bu azdır yenə…”
Oğul şeir oxuyur,
Ana dinləyir.
“Balam bir balaca sınıxıb” deyir.
    May, 1966, Şəki

MEŞİN QAPILAR
Gözləmə otağında
Saatlarla gözlərin
Lal qapıya dikilər.
Mənim nə çəkdiyimi
Qapılar arxasında
Mürgü döyənlər bilər.
Ürəyində böyüyür,
Dodağında kiçilir
Sözün də, sualın da.
Ax!.. bizim ömrümüzün
Görən neçə parçası
Əriyib külə dönmüş
Qapıların dalında?
Qapılar arxasında
Biz nə qədər durmuşuq.
Neçə gözəl arzunu
Siqar tüstülərilə
Havaya sovurmuşuq.
Ax, sərt üzlü qapılar,
İki üzlü qapılar
Talelər həll olunur
Qapının o üzündə.
Adamlar boynubükük
Əyləşib mat-məəttəl
Qapının bu üzündə.
Dindirsən gələr dilə
Qapıların ağzına
Səpilən tozlar belə.
Onlar toz deyil, ancaq
Qapılara toxunub
Ayaqların altına
Tökülən arzulardır.
Ürəklərdə doğulub,
Bircə “yox” kəlməsilə
Yox olan arzulardır.
Ax!.. Bu bir kəlmə “yox”un
Arxasında nələr var,
Neçə əyilmələr var.
O “yox” deyir, bu, yoxdan,
O özü də xoşlanır.
Deyirəm ki,
Yaltaqlıq da,
qorxaqlıq da
Elə burdan başlanır.
Siz ey meşin qapılar,
Siz ey meşin qapılar,
Sizin üzünüz soyuq;
Sizdən ümidlə girib,
Ümidsiz çıxan da çox.
Sizi təpiklərilə
Vurub açan tapılar,
Siz ey bağlı qapılar,
Qaşqabaqlı qapılar!
    Sentyabr, 1966

ÜMİD
Qorxmuram, düşmənim qoy min-min
olsun.
Neyləyər mənə?
Şöhrət sənin olsun, ad sənin olsun,
Ümid ver mənə!..
Ümid istəyirəm, mən ümid ancaq,
Ümidlə qoyaram dağı-dağ üstə.
Nə şöhrət, nə mənsəb, nə dövlət, nə var.
Ey könül, dünyadan sən ümid istə!..
Ümid arzuların qızıl naxşıdır.
Deyərlər, yeməkdən ümid yaxşıdır.
Deyək dənizdəyəm, sahil görünmür.
Ümid mənimlədir,
o, məndən dönmür.
Sahilə can atıb çırpınır ürək.
De, neyləyəcək
Üstümə şığıyan ləpələr mənə?
Ümid ver mənə!
İnamla ucaltdıq anamız yeri,
Biz möhtac olmadıq dosta, düşmənə.
Dəmir çəpərləri, daş hasarları
Dişimlə sökərəm, ümid ver mənə!
Həsrət də, hicran da deyil qorxulu.
Ümidlə açılar hər eşqin yolu!
Bir il – bir an kimi görünər mənə.
Ümid ver mənə!
Həsrət – vüsal qədər xoş gələr mənə,
Ümid ver mənə!
İnam ver mənə!
Yaman darıxır,
Səfərə çıxır Mənim könlümdəki xəyallar
yenə,
Bələdçi yerinə ümid ver mənə.
Diləklər ümidlə birgə doğulsa,
Yerin tərkində də ucalar insan.
Arzumu tapmağa ümidim olsa,
Mənzil başındayam, yola çıxmadan.
Ümidlə qoyaram dağı dağ üstə.
Ey könül, özündən sən ümid istə!..
    Mart, 1967

ŞAİR – VƏTƏN
Arada-bərədə görürsən tez-tez,
Deyirlər: “Nə çoxdur şairlərimiz,
Bunun qarşısını alaq biz gərək,
Bizə həkim gərək, mühəndis gərək…”
Mənsə deyirəm ki, şair bol olsun,
Bütün doğulanlar şair doğulsun.
Sənətkar sənətə amalla başlar,
Şeirim – amalımdir – desəm, yeridir.
Şeir yazmasa da, əqidədaşlar
Dünyanın ən böyük şairləridir.
“Şair çoxdur” deyə gileylənməyin,
Əlhəzər eləyin tüfeylilərdən.
Yaxşı söz önündə siz də baş əyin,
Şair ki, yığmayır sözləri yerdən.
Şairi kimsəyə dəyişmərəm mən,
Onlar hər cilvədə min sirr axtarır.
İdrakın irişməz dərinliyindən
Onlar söz axtarmır, fikir axtarır.
Onlar gecə-gündüz dərd, ələm çəkir,
Bu ağrı gəlməsin çox yüngül sizə.
Bəlkə də ən zəif, ən kiçik şair
Böyük vətəndaşdır Vətənimizə…
Şairin bədəni – bu ana torpaq,
Nəfəsi – xəzridir, qanı – Kür, Araz.
Çox şey Vətənsiz də yaşayır, ancaq
Şeirsə Vətənsiz, elsiz yaşamaz…
Şairə vəzifə, rütbə nə gərək!
“Vətən”, “Vətən” deyir könül səsi də.
Vətəni sevməkdir, Vətəni sevmək,
Şairin ən böyük vəzifəsi də.
Ancaq… bəla onda, dərd ondadır ki,
Vəzifə xumarı gözünü örtən,
Vətəni pul kimi cibinə dürtən
Bir rüşvət düşgünü, rütbəli nadan
Durub kül üfürür gözlərimizə.
Vətəni sevməyin “qaydalarından”
Utanmaz-utanmaz dərs deyir bizə.
Vətəni sevməkdə nə qayda, qanun?
Vətən sevgisinin hüdudu varmı?
Ey nadan, ölçülər özünün olsun,
Məhəbbət ölçüyə, həddə sığarmı?
    May, 1967

MİZ ARXASINDA
Gündüzlər gəzirəm bizim şəhəri,
Axşamlar qonuram öz budağıma.
Axşamlar xəyalım gəzir hər yeri
Dünyanı sığdırıb dar otağıma.
Masa arxasında mən söz ordumu
Çəkirəm üstünə hər qaranlığın.
Mən bütün dünyanı,
Mən öz yurdumu
Mizimin üstündə görürəm aydın.
Masa arxasında… əlimdə qələm
Gəzirəm dünyanı mən qarış-qarış,
Mənim xəyalımın, deyirəm, bu dəm
Ayağı dəyməyən bir yer qalmamış.
Masa arxasında könlüm biqərar –
Yolum neçə kənddən, şəhərdən düşür.
Vyetnama yağan ağır bombalar
Elə bilirəm ki, evimə düşür.
Güclüyəm! – deməli, mən haqqam, deyə,
Zülm haqq paltarı geyinir bu gün.
Mənim misralarım dönür gülləyə
Evini tutanda güclü gücsüzün.
Sinada yandırır gün göyü, yeri,
Yenə də ərəbin Vətəni darda.
“Su” deyib yananda ərəb əsgəri
Mənim dodaqlarım çatlayır burda.
Masa arxasında öz ürəyimi
Məşələ döndərib yandırıram mən;
Dünyanın dərdləri mürəkkəb kimi
Axır qələmimdən, axır sübhəcən.
Ürəyim ilhamla, sözlə dolanda
Hər sətrim könlümdən od alır mənim.
Duyan bir ürəkdə tel qırılanda
Şeirimin vəzni də qırılır mənim.
Masa arxasında… torpağın, yerin
İsti nəfəsiyəm, zərif ətriyəm.
Mən havanın deyil, hadisələrin,
Könül dünyasının barometriyəm.
Qoşuram ardınca xoş xəyalların,
Yer mənim, göy mənim, asiman mənim.
Qəlbimdən min qəlbə gedən yolların
Əvvəli başlanır masamdan mənim.
Elə ki, qalxıram masa dalından
Xəyalım kiçilir, fikrim gərilmir.
Bayaq otağıma sığışan cahan
İndi öz-özünə sığışa bilmir.
Bayaq öz canıma, qanıma qıydım,
Bilmirdim vaxt keçir, yatasıyam mən;
Bayaq bir dünyanın vətəndaşıydım,
İndi övladımın atasıyam mən.
Oxuyun könlümü şeirlərimdən,
Könül gizlənməsin söz arxasında;
Dünyanın ən gözəl adamıyam mən
İlham aləmində, miz arxasında.
    May, 1967

RİYAKAR
Mənim övladıma ana dilində
Dərs deyən “ağıllı” müəllimə bax.
“Vətən”, “Vətən” deyir,
Öz övladını
Əcnəbi dilində oxudur ancaq.
Özgəyə: “Dilini öyrən!” – deyirsən,
Özünsə… Bu dili bəyənməyirsən!..
Nə deyək bu miskin riyakarlığa?..
Yoxsa, öz qınını bəyənmir bağa?..
Bir nədir, beş-altı dil bilsin gərək,
Bizim sabahımız – körpələrimiz.
Vətən dilinə də dodaq büzməyək,
Burdan ayaq açıb, yola çıxaq biz.
Evdə ayaq açır əvvəlcə hər kəs,
Sonra uzaqlara düşür qədəmlər.
İlkini bilməyən sonunu bilməz,
Evdən üz döndərən çöldə vərəmlər.
“Əvvəl evin içi” demişlər nədən?
Sən çölü bilməzsən, içi bilmədən.
Yaxşı bilmək üçün özgə bir dili
Əvvəl öz dilini yaxşı bilməli.
Niyə özümüzü ögey sayaq biz?
Niyə atamızı tanımayaq biz?
Özgəni sevirsən?
İnanmıram mən!
Özünü sevməyən özgəni sevməz.
Vətənin dilinə gərəksiz deyən
Vətənin özünü necə sevir bəs?
Üzünə dursaydı yediyin çörək,
Rəzil olduğunu özün qanardın.
Dilimi dansaydım mən də sənin tək
Sən kimə dərs deyib pul qazanardın?
Vətən qeyrətini çəkməyən oğul
Həm özünə yükdür, həm özgəsinə;
Bu dildə dərs deyib qazandığın pul,
Yediyin çörək də haramdır sənə!
Böyüt balanı da sən özün təki,
Denən, özün yaşa, aləm yox olsun.
Namus olmasa da keçinər, təki
Dilin uzun olsun, qarnın tox olsun.
Səninçin dünyaya dəyər, a nadan,
Bir anlıq ötəri könül xoşluğun.
Min dəfə kiçikdir atalığından
Sənin insanlığın,
Vətəndaşlığın!
    Oktyabr, 1967

“ANAMIN KİTABI”
Böyük əməlpərvər, böyük vətəndaş Cəlil Məmmədquluzadənin əziz xatirəsinə
“Anamın kitabı!” – oxudum bir də,
Bu günüm dünənlə gəldi, görüşdü;
Cəlilin çaldığı sarı simlərdə
Qədim bir təmsil də yadıma düşdü:
Xərçəng – arabanı çəkir quruya,
Ördək – buludlara,
Kor balıq – suya…
Araba tərpənmir ancaq yerindən,
Sənin timsalınmış bu hal, ey Vətən!
Talandı bir zaman dövlətin, varın…
Varlıykən əl açdın sən özgələrə.
Yadlar yox,
Səni də öz övladların
Çəkdi üç tərəfə, çəkdi üç yerə.
Ana ümid oldu doğma övlada,
Övlad bel bağladı yadlara yalnız.
Övlad bilmədi ki,
qonşuya, yada,
Göz dikən qalacaq şamsız, çıraqsız.
Bu doğma torpaqda doğulub onlar,
Dedilər, biz hara, bu torpaq hara,
Doğma kitablara yad olub onlar
Ümid bağladılar yad kitablara.
Ananın kitabı çatdı imdada,
Dedi: “özünə bax, əl açma yada;
Vaxt çatıb uzağı, yaxını tanı,
Bil, sənin əvvəlin, axırın nədir,
Vətən xəstədirsə, onun dərmanı
Kənarda deyildir, öz içindədir…”
Anamın kitabı! Tarixdən qədim,
Çiçəkdən – təzə-tər,
Göylərdən dərin.
Ayağı altında torpaq görmədim
Anadan üzünü çevirənlərin.
Bu böyük mətləbi bilmədik bəzən,
Bizi bölə-bölə çəkdilər dara.
Əl çəkib müqəddəs atəşimizdən
Yüzillər baş əydik yad kitablara…
Tapdandı anamın şərəfi, şanı,
Bizdən sərvət alıb söz gətirdilər.
Bu boyda ölkəni – Azərbaycanı
Bir ərəb qızına cehiz verdilər.
Məni bağışlasın Şəhriyarım da,
Otuz il özgəyə “bəradər” dedi.
Öz doğma yurdunda, öz diyarında
Doğma anasına o, “madər” dedi.
Elə ki, yumruğu yerə dirəndi,
Dərhal yada düşdü doğmaca kəndi.
Bunlar nağıl deyil, tarixdir, ancaq
Tarixin hökmünə, könül, yaxşı bax!
Gəl bilək, insanmı, zamanmı haqsız
Gah ona, gah buna biz yamaq olduq.
Kiçik komamızı qoyub çıraqsız,
Özgənin qəsrində biz çıraq olduq.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336773) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Axı dünya fırlanır… Бахтияр Махмуд Вагабзаде
Axı dünya fırlanır…

Бахтияр Махмуд Вагабзаде

Тип: электронная книга

Жанр: Стихи и поэзия

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Axı dünya fırlanır…, электронная книга автора Бахтияр Махмуд Вагабзаде на азербайджанском языке, в жанре стихи и поэзия

  • Добавить отзыв