Tanımadığımız məşhurlar

Tanımadığımız məşhurlar
Deyl Karnegi
Bu kitabda, haqqında söz edilən məşhurların əksəriyyəti, eyni strategiya ilə hərəkət etmiş və uğura imza atmışdır. Bu yolda uğursuzluq, məhrumiyyətlər mütləq olacaqdır. Amma güclü xarakter sərgiləsək, qorxu, tərəddüd və utancaqlığı bir kənara atsaq, əlbəttə ki, bir gün cənab uğurun qapımızı döyəcəyindən əminəm.
Əziz oxucu, bu kitabdan zövq və ilham almanızı, hədəfə doğru addımlarınızda qətiyyətli olmağınızı arzu edirəm. Hədəflərinizi seçin və kiçik addımlarla ona doğru hərəkət edin.

Deyl Karnegi
Tanımadığımız məşhurlar

Ön söz əvəzi
Çoxumuzun həsədlə baxdığımız, uğurlarının heyranı olduğumuz dahilər yüksəkliyə rahatca çatmadı. Heç biri anadan bu özəlliklərlə doğulmadı. İstedadlı doğulmuş olsa belə, uğuru əldə etmək və əldə saxlamaq üçün böyük sınaq və imtahanlardan keçdi. Onların həyatını oxuyarkən heyrətlənirsən. Hər biri fərqli düşüncə, hədəf, ailə tərbiyəsi və ölkələrdən olan bu adamları birləşdirən bir ortaq cəhət vardır: Hədəfə çatmaq əzmi!
Onlardan bəzilərinin həyat hekayəsi, geniş yayılmış dünyəvi bir fikri təsdiqləməkdədir. “Qələbəyə aparan hər yol qəbul ediləndir”. Məncə bu, maddiyyatı əsas alan, ruhani düşüncə ilə əlaqəsi zəifləmiş Qərb mədəniyyəti üçün keçərlidir. Şərqlilərin düşüncə tərzi Şərq fəlsəfəsi ilə yoğrulduğu üçün bəzi maddiyyatçı ehkamları qəbul etməməkdədir.
Hədəflər bəlirlənmiş, məqsədlər qoyulmuşdur. Bəs nəyi gözləyirsiniz? Əsl maneə, uğursuz olmaq qorxusudur. O qorxu deyildimi, Çarlz Dikkensi heç kim onu görməsin deyə, ilk əsərini gecə yarısı nəşriyyata göndərməyə məcbur edən? O hiss deyildimi, Kleopatranı xalçaya bürünməyə vadar edən? Qorxu insana xas bir duyğudur. Ondan utanmaq və çəkinmək lazım deyildir. Onu kontrol etmək lazımdır. Benqal cəngəlliklərində Frensis Yets-Braun, məhz içindəki qorxunu məğlub etmək üçün vəhşi donuza hücum etmirdimi?
Uğursuzluqdan çəkinmək, neçə böyük ideyaların və kəşflərin qarşısını almış, ayağını zəncirləmiş və beşikdəcə boğmuşdur. Uğursuzluq daimi deyildir. Onun bir ömür müddəti vardır. Sizin uğura doğru atdığınız hər addım və ALLAHın təqdiri bu ömrün müddətini təyin etməkdədir. Atdığınız hər addım qorxunu zəiflədir və uğursuzluğun ömrünü azaldır.
Bəzi araşdırmaçılar, hədəflərin böyük olmasını məsləhət görürlər. Mən isə arzu və vizyonunuzun böyük olmasını, hədəfin isə əlçatan və uzunmüddətli olaraq, iki hissəyə ayrılmasını təklif edirəm.
Böyük arzular, xəyallarınızı hər zaman canlı tutacaq, gündəlik məişət problemləri labirintində yolunuzu itirməyinizə imkan verməyəcəkdir.
Əlçatan hədəflərə çatmaq üçün kiçik uğurlar qazanmaq yetərlidir. Kiçik uğurlar isə sizi sevindi-rəcək, özünüzə inamınızı artıracaq və sizi canlı tutacaqdır.
Kiçik hədəfləri əldə etməyiniz sizə böyük hədəflərin qapısını açacardır.
Bu kitabda, haqqında söz edilən məşhurların əksəriyyəti, eyni strategiya ilə hərəkət etmiş və uğura imza atmışdır. Bu yolda uğursuzluq, məhrumiyyətlər mütləq olacaqdır. Amma güclü xarakter sərgiləsək, qorxu, tərəddüd və utancaqlığı bir kənara atsaq, əlbəttə ki, bir gün cənab uğurun qapımızı döyəcəyindən əminəm.
Əziz oxucu, bu kitabdan zövq və ilham almanızı, hədəfə doğru addımlarınızda qətiyyətli olmağınızı arzu edirəm. Hədəflərinizi seçin və kiçik addımlarla ona doğru hərəkət edin.

ALBERT EYNŞTEYN

sinifin ən axmaq şagirdi olan
Bir neçə il əvvəl, Almaniyanın cənubunda kiçik bir qəsəbədə gəzişərkən yanımdakı tanışım birdən ayaq saxladı və baqqal dükanının üstündəki mənzilin pəncərəsini göstərdi.
”Bu mənzili görürsənmi? Eynşteynin dünyaya gəldiyi mənzil oradır”, – dedi.
Bu hadisədən bir müddət sonra Eynşteynin əmisi ilə tanış oldum. Başqalarından heç bir fərqi yoxdu. Heyrətlənmək lazım deyil. Çünki Eynşteyn də uşaqlıqda heç nə ilə fərqlənmirdi, heç kim onun gələcəkdə dahi olacağını ağlına belə gətirmirdi. Əlli il əvvəl kütbeyin, axmaq olduğu düşünülən bu uşaq, böyüdüyündə dünyanın ən böyük dahisi, tarixin yetişdirdiyi nadir insanlardan biri olduğunu sübut etmişdir. Halbuki danışmağı da çətinliklə öyrənmişdi. Onun kütlüyündən bezən müəllimləri onu başdan etmək üçün bəhanələr uydururdular. Hətta valideynləri anormal olacağından qorxurdu.
Bir neçə il əvvəl, sanki yuxudan oyanıb silkələnərək işləməyə başlayan Eynşteyn, dünyanın ən məşhur adamı olduğunu gördüyündə çaşıb qalmışdı. Bir riyaziyyat professorunun, bütün qitələrin qəzetlərində əsas başlıqda yer tutacaq qədər məşhurlaşmasına onsuz da təəccüblənməyən qalmamışdı.
Alim olduğu halda, Cek Demsi qədər məşhurlaşmışdı. Bunun necə baş verdiyini özü də anlamamışdı. Özünün başa düşmədyi kimi, başqaları da başa düşməmişdi. Bəşər tarixində bu hadisənin bənzəri yox idi.
Eynşteynin özü, nisbilik nəzəriyyəsi qədər əcaib bir insandı. Çox insanların canından belə keçməyə hazır olduğu var-dövlət, şöhrət, lüks həyat kimi şeylərə dəyər vermirdi. Bir gəmi ilə səyahət etdiyi zaman gəminin kapitanı, gəminin ən lüks və bahalı kayutunu hazırlatdıraraq oraya yerləşməsini təklif etdi. Eynşteyn bu təklifi qəbul etmədi, lüks yerdə darıxacağını və göyərtədə qalmaq istədiyini bildirdi.
Eynşteyn əlli yaşını qeyd edərkən Almaniya onu şan-şöhrətə boğdu; xalqın sevgisinin təzahürü olaraq Potsdam meydanında onun heykəli qoyuldu və ona bir yaxta bağışlandı.
Fəqət bir neçə il sonra ona verilən hədiyyələr geri alındı. Hətta anadan olduğu ölkəyə geri qayıtmağı da qadağan olundu. Həftələrlə Belçikada yaşadı, gecələr qapısını kilidləyir və yatağının yanında polis keşik çəkməzsə, rahat yata bilmirdi.
Nyu-Yorka gəldiyi zaman Prinston Universitetinin Araşdırmalar institutuna riyaziyyat professoru olaraq təyin edildi. Jurnalistləri, mətbuat konfransı və alqışlarla qarşılanmaq kimi şeyləri sevmədiyi üçün, dostları gəmi limana yaxınlaşmadan onu gizlincə gəmidən qaçırdılar və avtomobilə mindirərək uzaqlaşdılar.
Eynşteynin fikrinə görə, nisbilik nəzəriyyəsini tam başa düşən dünyada ancaq 10 və ya 12 adam vardır. Halbuki bu nəzəriyyəni izah etmək üçün minlərlə kitab yazılmışdır.
Özü isə nisbilik nəzəriyyəsini çox bəsit bir yolla izah edir:
Bir kişi gözəl bir qadının yanında bir saat oturarsa, sadəcə beş dəqiqə oturduğunu zənn edər,amma qızmar bir soba üstündə beş dəqiqə oturarsa, bir saat oturduğunu iddia edər.
Bu nümunə nisbilik nəzəriyyəsini necə də gözəl izah edir, elə deyilmi? Məncə, çox düzgün və sadə.Razı deyilsinizsə, yoxlaya bilərsiniz. Mən qızın yanına, siz isə sobanın üstünə oturun, təəssüratlarımızı bölüşək.
Eynşteyn iki dəfə evlənmişdir. İlk evliliyindən iki övladı vardır. Xanım Eynşteyn ərinin nisbilik nəzəriyyəsini başa düşmədiyini iddia edir. Amma bu qadın daha vacib bir şeyi kəşf etmişdir: ərinin kim və nə olduğunu.
Eynşteynin xanımı, hərdən dostlarını çay qonaqlığına dəvət edərkən, professora da yanlarına gəlib onlarla bərabər çay içməsini təklif etdiyi zaman Eynşteyn əsəbləşirdi: “Yox! Gələ bilmərəm! İstədiyinizi edin, mən buradan gedirəm!.. İşləməyimə mane olursunuz, buna dözə bilmirəm!..” deyirdi.
Xanımı sakitcə hirsinin soyumasını gözləyirdi. Sonra bir diplomat kimi davranaraq, onu aşağıda qonaqlarla çay içməyə, beləcə bir az istirahət etməyə razı salırdı.
Xanımının sözlərinə görə, işində və düşüncəsində intizama çox önəm verən Eynşteyn, evində intizamsız və dağınıqdır. Ürəyi nə istəsə, onu edər. İki qaydaya görə hərəkət edər. Birinci qayda: Heç bir qaydaya görə hərəkət etməmək. İkinci qayda: Heç kimin fikrinə görə hərəkət etməmək,
Həyat tərzi çox sadədir. Ütülənməmiş geyimdə gəzər, istədiyində şlyapa taxar, çimərkən mahnı oxuyar və ya fit çalar. Hamamda yerdə oturaraq üzünü təraş edər, heç vaxt təraş sabunundan istifadə etməz, sadə sabundan istifadə etməyi sevər. Kainat qanunlarını kəşf etməyə çalışan bu adam, iki növ sabundan istifadə etmənin çətin olduğundan və hər şeyi qarışdıracağından şikayət edir. Məncə Eynşteynin ən böyük xüsusiyyəti xoşbəxt olmağı bacarmasıdır. Bu xüsusiyyəti dahi nəzəriyyəsindən də üstündür. Heç kimdən heç nə istəmədiyinə görə xoşbəxt olduğunu və hamiya vacib bir dərs verdiyini deyir. Pula, rütbəyə və alqışlanmağa önəm vermir. İşləmək, skripka çalmaq və dəniz gəzintiləri kimi sadə əyləncələrlə xoşbəxt ola bilir.
Skripkadan aldığı həzzi dünyada başqa heç bir şeydən almadığını deyir. Zehni həmişə musiqi ilə məşğuldur. Hətta yuxuda belə musiqi eşidir.
Berlin küçələrində bir gün at arabasına minir. Arabaçının qaytardığı yol haqqının qalığını sayaraq Eynşteyn qalığın az olduğunu arabaçıya deyir. Arabaçı pulu yenidən sayır və ona: “Görürəm ki, rəqəmlərdən başın yaxşı çıxır”, cavabını verir.

GENERAL SATTER

milyon dollarını oğurlatdıran adam
Con Marşal adında bir dülgər, 1948-ci ilin yanvar ayında, Amerikan River çayının cənub qolu yaxınlarında dəyirman qurmağa çalışırdı. Bir anlıq dayandı və Sakramentonun yerləşdiyi dağların yamaclarından qopub gələn sarı daşı əlinə aldı. Bu daş qızıl filizi idi? Bilmirdi. Orada, evdə bişirdiyi sabunu qaynatmağa çalışan qadına bu daşı verdi, qaynayan yağ və kül suyu qarışımının içinə atmasını xahiş etdi.
Bütün günü qaynayan mədən daşının bir müddət sonra pişik gözü kimi parıldadığını gördülər. Səhəri gün tezdən Con Marşal, atının tərkinə qalxaraq dərə yatağından 40 mil uzaqlıqdakı bir fermada yaşayan, bu torpaqların sahibi olan Con A. Satterin yanına getdi. Ona hadisəni danışdı.
Marşal evə girirək qapını kilidlədi, sarı mədən külçəsini cibindən çıxartdı. Satterin gözləri qamaşdı. Diqqətlə külçəni yoxlamağa başladı.
Külçə qızıl idi. Parıldayan bu külçə, qarışığı olmayan, təmiz, saf qızıl idi. Bu külçə sayəsində bütün xəyallarını reallaşdıra bilərdi. İstədiyi hər şeyi həyata keçirə biləcək, dünyanın ən varlı adamı olacaqdı.
Satter bunun sirr olaraq qalmasını istədi, amma bu istəyi ulduzların səmada parıldamamasını istəmək kimi mənasızdı. Əlinə keçən, amma kontrol edə bilməmək məcburiyyətində qaldığı bu qüvvət, bütün ölkəni yerindən oynadacaq qədər güclü idi. Növbəti gün Satterin işçiləri işlərini ataraq, böyük təlaş içində yer qazmağa, hər tərəfi eşməyə, qızıl axtarmağa başladılar.
Bir həftə keçməmiş hər tərəf cuxurlarla dolu idi. Əkin sahələrində heç kim qalmadı. Hər şey bir-birinə qarışmışdı. Sağılmayan inəklər böyürür, buzovlar başsız şəkildə analarını axtarır, canavarlar çobansız qalan qoyunlara hücum edirdilər.
Bel və külünglə silahlanmış adamlar səhərdən axşama qədər hər yeri qazır, gündəlik 1000-5000 dollar arası pul qazanırdılar. Külünglə yeri qazıb bellə torpağı kənara atarkən torpağın altından iri bir qızıl külçəsi çıxır və bir dəqiqənin içində bir neçə min dollar qazanırdılar.
Bu vəziyyət teleqrafla ölkənin hər tərəfinə yayıldı. İnsanları bir iğtişaş bürümüşdü. İşçilər işlərini atır, sıravi əsgərlər hərbi hissələrindən qaçır, əkinçilər əkinlərini tərk edir, tacirlər dükanlarını bağlayırdı. Qızıl axtaranlar artıq hərəkətə keçmişdilər. İnsanlar çəyirtkə sürüsü kimi qanadlanmış, uzaq qərbdə yerləşən nağıllar ölkəsinə doğru yola çıxmışdılar.
1849-cu ilin payızında, o zamankı mədəni dünyanın ən uc nöqtəsi sayılan Kanzasın İndependens şəhərindən böyük bir qafilə artıq yola çıxmışdı. Hamısı atlı olan bu qafilənin gəncləri yeni macəra axtarışında idilər. Missuri çayının sahillərindən Sierra Nevadanın qarlı təpələrinə qədər hər yerdə, at və öküz arabalarından təşkil olunmuş köçlər görülür və bu qafilələrin qırılmayan zəncir şəklində qərbə doğru köç edişi həyəcan doğururdu. Yamyaşıl çəmənlərdə şaqraq mahnı səsləri arabalardan ətrafa yayılırdı.
Hələ minlərlə başqa qızıl axtaranlar dəniz yolu ilə gəlirdilər. Balina ovu üçün olan gəmilərə və yük gəmilərinə doluşan bu adamlar küləyin ulamasına, gəmi dirəklərini küləyin sındırmasına baxmayaraq, Horn burnunu dolanaraq gəlirdilər. Magellan boğazının fırtınalarına, qasırğalarına, xəstəliklərə, vəba və taunla məhv olmaqlarına baxmayaraq gəlirdilər. Sakit okeanın dalğaları ilə yarışa çıxarcasına cəsarət və mətanətlə yollarına davam edirdilər.
Ən həyəcanlı il olan 1849-cu ildə San-Fransisko limanında lövbər atan gəmilərin sayı yeddi yüzə çatmışdı. Gəmilər lövbər atar-atmaz, dənizçilər də sərnişinlərlə bərabər gəmini tərk edərə qızıl yataqları olan təpələrə doğru qaçırdılar.
İntizamı ancaq qılınc və dəyənək ilə təmin etmək mümkün idi. Arxasında silahlı güc olmayan heç bir əmrə tabe olmurdular.
Fərqli marşrut və yollarla gələn bu izdiham Satterin torpaqlarına doğru hərəkət edirdi. Yolda yetişmiş sünbüllərin hamısını yedilər, çörək bişirmək üçün anbarlardakı unun hamısını talan etdilər. Axırda anbarları sökərək özləri üçün daxmalar tikdilər. Aclıq səbəbiylə fermada olan bütün heyvanları kəsdilər.
O qədər cürətləndilər ki, Con Satterin mülkü üzərində şəhərlər saldılar, yazıq Satterin əlindən bu hadisələrə nifrətlə baxmaqdan başqa bir şey gəlmədi. Torpaqları sanki onun deyilmiş kimi hərraca çıxarıldı, alındı, satıldı.
1850-ci ildə Kaliforniya ABŞ-a birləşdirildiyi zaman, darmadağın olmuş bu təpələrdə qanun özünü göstərməyə başladı.
Bax o zaman Satter, dünyada məşhur olan böyük məhkəmə işinə başladı. San-Fransisko və Sakramento şəhərlərinin onun şəxsi mülkü üzərində tikildiyini iddia edirdi. Hər iki şəhərin sakinlərindən mülkünü tərk etməsini tələb etdi. Öz işləri üçün tikdirdiyi, sonradan isə şəhərin istifadəsində olan yollar, körpülər və kanallar üçün Kaliforniya hökümətindən 25 milyon dollar təzminat tələb etdi.
Talançıların səbəb olduğu zərər qarşılığında dövlətdən tələb etdiyi 50 milyon təzminatdan başqa, onun torpaqlarından oğurlanaraq talan edilmiş qızıl üçün də uyğun bir məbləğin ödənməsini istədi.
4 il bu işdən əl çəkmədi, məhkəmələrdə süründü və 1855-ci ildə məhkəmədə qalib gəldi. Kaliforniya hökuməti San-Fransisko və Sakramento şəhərlərinin və bir neçə qəsəbənin onun torpaqları üzərində tikildiyi faktını təsdiq etdi.
Bu qərar şəhər sakinlərində zəlzələ təsiri yaratdı. Evlərini əllərindən almaqmı istəyirdilər? Onlar da bu qərarı verənlərə həddini göstərəcəkdilər .Çarəsizlikdən ağlını itirən xalq əllərinə keçən hər şeylə, dəyənək, tüfəng, balta ilə silahlanaraq küçələrə töküldülər. Qışqırır, talan edir, yandırır, küçələrdə terror törədirdilər.
Ədliyyə binasını məhkəmə prosesinin çıxartdığı qərarın saxlanıldığı qovluqlarla birlikdə yandırdılar. Özləri ilə gətirdikləri kəndiri, o qərarı verən hakimin boynuna salaraq asmaq istədilər. Bəziləri atlanaraq Satterin fermasına hücum çəkdi. Evini və anbarlarını dinamitlə havaya uçurtdular. Evini talan etdilər, meyvə bağını dibindən sökdülər, iri buynuzlu heyvanlarını öldürdülər, bərəkətli tor-paqlarını və fermasını yerlə bir etdilər. Sonra isə çıxıb getdilər.
Qarışıqlıqda Satterin uşaqlarından biri öldürüldü. İkinci övladını isə sonradan öldürmək üçün, özləri ilə apardılar. Üçüncü oğlu Avropaya qaçmağa çalışarkən dənizdə boğularaq öldü. Bütün bu hadisələrdən sonra Satterin psixikası pozuldu və ağlını itirdi.
20 il sonra Vaşinqtona gələrək haqlarını bərpa etmək üçün konqresə müraciət etdi. Əynindəki paltarları nimdaş və cırıq idi. Çox əziyyət çəkdi, konqres üzvlərindən kömək istədi, çoxları ilə görüşdü, amma nəticə ala bilmədi. Küçədə uşaqlar onun arxasınca gəzərək ələ salmağa başlamışdılar.
1880-ci ildə onun torpaqlarında çıxan qızıl sayəsində varlanan soyğunçuların təhqiredici baxışları altında, Vaşinqtonun natəmiz məhəllələrinin birində canını tapşırdı. Heç kim kömək etmədi. Öldüyü zaman cibində 1 dolları vardı. Amma tarixin ən böyük məhkəmə prosesində qalib gəlmiş, çox böyük bir sərvətə sahib olduğunu məhkəmələrdə sübut etmişdi.
Qərbi Amerikada qızıl hücumu hərəkatını oyandıran və ilk qızılı tapan dülgər Con Marşal da beş il sonra öldü. Cəsədini daxmasında tapdılar, yanında heç kimi yoxdu. Onun kəşfi sayəsində minlərlə insan milyonlarla dollar qazandığı halda o, yoxsulluq içində yaşadı. Öldüyü zaman ən ucuz taxtadan hazırlanmış tabut sifariş etməyə belə çatacaq qədər pulu yox idi.

EDQAR ALLAN PO

dünya ədəbyyatına dəyərli əsərlər verən, uşaq yaşında bir qadınla evlənən və on il üzərində işlədiyi əsərdən 10 dollar qazanan adam
Edqar Allan Po şeirləri və hekayələri ilə şöhrət qazanan, fövqəladə yüksək qabıliyyətləri sayəsində məşhurlaşan bir yazıçıdır. Amerikan ədəbiyyatında əzab çəkən bir divə bənzəyir. Qumar və içki alüdəçiliyinə görə Virciniya universitetindən qovulmuşdur. Yoldaşları məktəbə gedərkən o, şeir yazmaqla vaxtını keçirdiyinə və heç bir qaydaya tabe olmadığına görə, Vest Point hərbi akademiyasını tərk etməyə məcbur odu.
Uşaqlıq illərində valideynlərini itirdi və varlı bir tütün tacirinin yanında böyüdü. Onun məsuliyyətsiz hərəkətlərindən bezən tacir bir gün onu döydükdən sonra yanından qovdu. Edqara o dərəcə qəzəblənmişdi ki, dünyasını dəyişərkən ona heç bir dollar da vəsiyyət etmədi.
Xalası qızlarından Virciniya Klem ilə evlənməsi ədəbiyyat tarixinin ən gözəl hekayələrindən biridir. Evləndiyi zaman cibində 5 qəpiyi yoxdu, həyatı boyunca da pulu olmamış və pul yığmağı da öyrənə bilməmişdi. İçki düşkünü idi, içməyə bir şey tapmadığı zaman təmiz spirt içərdi. Buna görə bacısı ilə arası dəydi. Onu bu vəziyyətdə görənlər ruhi xəstə olduğunu düşünürdülər.
Evləndikləri zaman Edqar 26, xanımı isə 13 yaşında idi. Bunu görən bəziləri bu evliliyin xoşbəxtlik gətirməyəcəyini və yaxında boşanacaqlarını söyləyirdilər. Amma belə olmadı, bərabər çox romantik həyat sürdülər. Uşaq yaşlarında olan xanımını Po, sitayiş edərcəsinə, dəlicəsinə sevdi və bu sevgidən aldığı güclə ingilis ədəbiyyatının ən gözəl incilərini yaratdı.
Edqar Allan Ponun yazdığı şeirlər, qələmə aldığı hekayələr dünya ədəbiyyatının ən dəyərli əsərləri sırasında olmaqla bərabər, ingilis ədəbiyyatının ən dəyərli xəzinələridir. Amma sağlığında qiymətini ala bilməmiş, hətta bəzi əsərlərini cörək pulu əldə etmək üçün satmışdır.
“Canavarlar” əsəri üzərində tam 10 il işləmişdir. Hər parçasını bir neçə dəfə cırıb atmış və yenidən yazmış, yazdıqlarını bir-bir yenidən gözdən keçirmişdir. 10 il üzərində işlədiyi bu əsəri axırda sadəcə 10 dollara sata bilmişdir. Yəni ki, işlədiyi hər ilə 1 dollar qazanmışdır.
Halbuki son zamanlarda hərraca çıxarılan bir neçə səhifəlik əlyazması on min dollar qiymətə satılmışdır. Həqiqət həmişə belə olmuşdur. Yaşayarkən aclıq və səfalət içində sürünən dahilərin öldükdən sonra qiymətləri bilinir, qalın cildli əsərlərini qəpik-quruşa əldə etməyə çalışanlar, onlar öldükdən sonra bir-iki səhifəlik əlyazmasına on minlərlə dollar ödəməyə hazırdırlar.
Po və Virciniyanın yaşadıqları ev, Nyu-York şəhərinin “Grand Concourse” tərəflərindədir. Yüz il əvvəl, Po sağ olduğu zamanlar bu evin kiçik bir viranə daxmadan fərqi yox idi. İndi göydələnlər məskəni olan bu yerlərdə o zamanlar çəmənliklər və alma bağları var idi. Baharın gəlişi ilə cənub küləyi əsməyə başladığı zaman ətraf yasəmən və gilas çiçəklərinin qoxusu ilə dolurdu, hər tərəfdə bal arılarının vızıltısı eşidilirdi. Gözəl və insanı xəyallar aləminə aparan cənnət kimi bir məkandı.
Po, bu ev üçün aylıq üç dollar kirayə haqqı ödəyirdi. Çox vaxt heç bunu da ödəyə bilmirdi. Daha doğrusu, kirayə haqqını vermədən qalırdı. Yetəri qədər qidalana bilmədiyi üçün xanımı xəstələnmişdi, amma ərzaq almağa pulları yox idi. Günlərlə qidalanmadan, ac qalırdılar. Bağçalarında qazayağı cücərdiyi zaman onu toplayaraq bişirir və doyunca yeyirdilər.
Po və xanımının acından ölməyə məhkum olduqlarını görən qonşuları onlara zənbillərlə yemək gətirdilər. Yazıqlarımı gəldi? Bəli… Po gözəl nəğmə oxumağı, xanımı isə onu sevməyi yaxşı bacarırdı – buna görə də kasıb olsalar da, xoşbəxt idilər.
Virciniya bu evdə əbədiyyətə qovuşdu. Aylarla saman dolu bir döşəkdə yatması və bədənini isidəcək bir paltarının olmaması ölümünə səbəb olmuşdu. Çox soyuq havalarda anası əllərini, Po isə ayaqlarını ovaraq isitməyə çalışırdılar. Po, Vest Pointda geyindiyi əsgər şineli ilə onun titrəyən vücudunu örtür, pişiklərini ayaq barmaqlarının üstünə yatıraraq və durmadan sığallayaraq isitməyə çalışırdı.
Xanımı dünyasını dəyişdiyi zaman Ponun cibində dəfn mərasimi üçün yetəcək pulu yoxdu, qonşuların köməyi olmasaydı, cənazə Pottersfilddəki kimsəsizlər qəbristanlığında dəfn ediləcəkdi.
Bir neçə il əvvəl Nyu-York hökuməti bu evi aldı və muzeyə çevirdi. Məncə, bu ev muzeydən daha mistik bir yerdir, qəmli xatirələrlə doludur, muzeyi ziyarət edənlər oradan ağır təəssüratlarla ayrılırlar.
Virciniya yanvar ayında dünyasını dəyişdi, aylar keçdi, bahar gəldi, gecələri ay alma agaclarının arxasından çıxaraq açıq səmaya yüksəldi. Po yaşadığı evin bağçasında oturaraq həsrətini çəkdiyi Virciniyanı xatırlayaraq xəyallara dalırdı və beləcə bu günə qədər heç kimsənin yaza bilmədiyi qədər gözəl sevgi şeirləri yazmağa başladı.

KLEOPATRA

dünyanın iki böyük liderinin ürəyini fəth edərək, gözəlliyi ilə taxta çıxaraq iqtidar sahibi olan qadın
İnsanları coşdura bilən, qanlarını qaynadan bu qadın Misir fironu və ilahəsi – Nil sahillərinin cazibədarı Kleopatradır.
10 əsr əvvəl yaşamağına baxmayaraq, şöhrəti keçən illər ərzində hələ də parıldamaqda, ətrafına işıq saçmaqdadır. İntihar etdiyi zaman 39 yaşında idi. Qısa sürən təlatümlü həyatında, dünyanın ən güclü iki liderinin sevgisini qazanmış və onları öz məqsədləri uçün istifadə edə bilmişdi. Bu iki liderdən biri Mark Antoni, digəri isə Yuli Sezardır. Romalılar Sezara olan sevgi və hörmətlərindən təqvimlərindəki yay aylarından birini onun şərəfinə “İyul” adlandırmışdılar.
O zamanlarda insanlara məlum olan torpaqların hamısını işğal etmiş bir sərkərdə olan Sezar Kleopatraya təslim olmuşdur. Kleopatranın bu qələbəsi antik tarixin ən dramatik hadisələrindən biridir.
İsa peyğəmbərin anadan olmasından 48 il əvvəl, Sezar İsgəndəriyyəyə ayaq basdığı gün Kleopatra çox çətin vəziyyətdə idi. Taxtını itirmiş, pulu tükənmiş və kəlləsini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Kleopatra qardaşına ərə getmişdi, sonradan araları pozulmuş, bir-birlərinə müharibə elan etmişdilər. Müharibəni uduzan Kleopatra Misirdən qaçmağa məcbur olmuşdu.
Sezar ona geri qayıtmasını və yanına gəlməsini əmr etdi. Necə qayıda bilərdi? Bu onun ölüm fərmanı olmazdımı? İsgəndəriyyə qardaşının casuslarıyla dolu idi, ələ keçərsə öldürüləcəyini bilirdi. Qaranlıq bir gecədə, kiçik balıqçı qayığı ilə sahilə yan aldı. Xidmətçisi onu xalçaya bükərək saraya apardı və Sezarın qarşısında xalçanı açdı.
Xalçanın içindən çıxan Kleopatra qəhqəhələr atmağa və otaqda rəqs etməyə başladı. Çaşıb qalan Sezar özünü itirmişdi. Onun nəfis, ilana bənzər vücuduna, ağılı başdan çıxaran gözəlliyinə heyran olmuşdu.
Qadın gözəlliyini qiymətləndirə bilməsi ilə öyünən Sezar, Venera nəslindən olduğunu iddia edən sevgi ilahəsinin insanın nəfəsini kəsən gözəlliyi qarşısında olduğunu başa düşmüşdü.
O vaxtlar Sezarın 45 yaşı vardı. Saçları tökülməyə başlamışdı. Kleopatra isə 31 yaşın verdiyi bütün gözəlliyə və cazibəyə sahib idi. Sezar ona baxarkən, yüksələn su ilə yuxarı qaldırılan bir gəmi kimi, sevgi və ehtirasın köpüklü təpələrinə yüksəldiyini hiss etdi. Kleopatra şiddətli ehtirası və qıvraq zəkası sayəsində Sezarı təsiri altına aldı, hər istədiyini əldə etməyə başladı.
Qardaşı bu qadınımı öldürmək istəyirdi? Məşhur Sezar ona yaxşı bir cavab vermək qərarına gəldi. Roma legionlarını başına toplayaraq Misir ordusunun üstünə getdi, düşməni darmadağın etdi, qaçmağa çalışan qardaşı Nil çayına düşdü və boğularaq öldü.
O dəqiqədən etibarən Kleopatra Misir kraliçası oldu və fironların ölkəsinə hökm etməyə başladı.
Aylar keçdi və Kleopatra Sezardan uşaq dünyaya gətirdi. Bu uşaq Sezarın tək oğlu idi. Sezar Romada evli olduğu üçün Kleopatra ilə evlənməyi mümkün deyildi. Dedi-qodunun qarşısını almaq və oğlunu Sezarın varisi olaraq elan edə bilmək üçün Kleopatra çox maraqlı bir hiyləyə əl atdı. Misir rahiblərini çağıraraq Sezarın bəşər övladı olmadığını elan etmələrini tələb etdi. O, insan deyildi, ilah idi, Günəş ilahı olan Ammonun özüydü. Misir taxtına vəliəhd verə bilmək üçün yer üzünə enmiş, Sezarın şəklini almış və Kleopatra vasitəsi ilə taxta vəliəhd bəxş etmişdi.
Müasir dünyada gülməli görünən bu nağıla o zamanki Misir əhalisinin hamısı inandı.
Qısa bir zaman sonra Sezar öldürüldü. Başı sərxoşluqdan ayılmayan, canını borcdan qurtara bilməyən Mark Antoni, Misirdəki Roma ordularının başına keçdi. Zəfər şərabından sərxoş olan Mark, ordusunu birbaşa Misirə gətirdi. Yağma, talan, soyğun və dəbdəbəli həyatla vaxtını keçirməyə, eyş-işrətli həyat sürməyə başladı.
Misir o zamanlar şərqin ən varlı ölkəsi idi. Sərxoş olmadığı bir gün, dostları Antoniyə “İsgəndəriyyəyə gedək. Kleopatranın boynunu vurdur. Sərvətini talan edək, malı ilə qarnımızı doyuraq” dedilər.
Kleopatra qorxudan titrəyirdi. Antoninin qarşısını necə ala bilərdi? Donanması və qılınclamı? Bunu bacarmayacaqdı. Özünü ona aşiq kimi göstərərək sığallamaqlamı? Bəlkə də bunu bacarardı. Plan hazırladı. İllüziya ustası olan bu dahi qadın, qırmızı yelkənli, qızılla bəzədilmiş bir gəmi ilə Antonini qarşılamağa çıxdı. “Min bir gecə” nağıllarındakı kimi, dəbdəbəli və ehtişamlı bir qarşılama mərasimi hazırladı. Sevgi ilahəsi kimi geyindirilmiş oğlan uşaqları onun ətrafında dəvəquşu tükündən hazırlanmış yelpiklərlə onu yelləyir, səhra musiqisinin canlı ritminə ayaq uyduran ipək geyimli qızlar təhrikedici rəqslər edirlər. Buxurdanlarda yanan otların dumanı, duyğulara can verərək ətrafa yayılır və bu ehtişamın ortasında Kleopatra, sevgi ilahəsi kimi ipək yatağa uzanaraq sirli gözəlliyi və inkar edilməsi mümkün olmayan xarizmasıyla Veneranı xatırladırdı.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336764) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Tanımadığımız məşhurlar Дейл Карнеги
Tanımadığımız məşhurlar

Дейл Карнеги

Тип: электронная книга

Жанр: Саморазвитие, личностный рост

Язык: на азербайджанском языке

Издательство: JekaPrint

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Tanımadığımız məşhurlar, электронная книга автора Дейл Карнеги на азербайджанском языке, в жанре саморазвитие, личностный рост

  • Добавить отзыв