Sükutdan sitat

Sükutdan sitat
Elçin Şıxlı
Kitaba Elçin Şıxlının «Ayna»–«Zerkalo» bağlanan ərəfədə və sonra yazdığı məqalələr daxil edilib, illərə bölünərək tarixi ardıcıllıqla yerləşdirilib.

Elçin Şıxlı
Sükutdan sitat

© «Altun kitab» MMC –2017
* * *
«Uca ad onu ləyaqətlə daşıya bilməyənləri nəinki yüksəltmir, əksinə, alçaldır». Bu, XVII əsrin fransız mütəfəkkiri və yazıçısı hersoq Fransua de Laroşfukonun məşhur aforizmlərindən biridir.
Elçini dost sifətində görməyənlər də etiraf edərlər ki, o, atası İsmayıl Şıxlıdan sonra azərbaycanlılar üçün mənəvi dəyərə çevrilmiş «Şıxlı» adını böyük ləyaqət və şərəflə daşıyır. Bunun nə dərəcədə çətin olduğu müəllifin «giriş sözü» əvəzinə kitabın əvvəlinə çıxardığı «Yeni «Ayna» məqaləsindən görünür.
Mənim bir bağ qonşum var. Əməkli arxitektor, maraqlı həmsöhbətdir – Əvəz müəllim. Hərdən özü və həyat yoldaşı üçün oxumağa kitab götürməyə gəlir. Hər dəfə soruşur: «Elçin Şıxlının kitabı çıxmayıb? Niyə 25 il qəzet buraxıb, yüzlərlə yazı yazıb, bir dənə də kitabı yoxdur? Başqasının 50 məqaləsi yığılan kimi növbəti «seçilmiş əsərlər» ini nəşr edir, hər məqaləsini beş kitaba salır…»
İzah etməyə söz tapmıram. Onu deyim ki, bu kitabı da Elçin buraxmır, onun 60 illiyinə biz dostları – Rafiq İsmayılov, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu – hədiyyə edirik.
    Arif Əliyev


Yeni “Ayna”
Qəzetin buraxılışını dayandıranda son yazımı “məğlubiyyətin bu qədər rahatlıq gətirəcəyini düşünməzdim” fikri üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da “yel dəyirmanlarıyla” savaşmaqdan…
Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki il… Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım.
Əvvəlcə özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə oxumadım, heç nə ilə maraqlanmadım. Şəhərə getməməyə çalışdım. Bu minvalla bir neçə ay keçdi. Nəhayət, darıxdım. Oskar Uayldın illərdir yarımçıq qoyduğum sehrli nağıllarının tərcüməsini tamamladım. Dostlar sağ olsun, kitabı çap elədilər. Sonra ingiliscə-azərbaycanca lüğət üzərində işlədim. İynə ilə gor qazmaq kimi bir şeydi. Və nəhayət, dəyərli dost və həmkarlarım Arif Əliyev və Qulu Məhərrəmli ilə jurnalistika terminlərinin izahlı lüğətini hazırladıq.
Və ən nəhayət, Rauf Mirqədirov azadlığa çıxdı. O həbs olunan gündən əmindim ki, günahsızdır. Amma bunun hüquqi isbatı üçün düz 23 ay təkadamlıq kamera həyatı yaşamalı oldu Rauf. Deyir, kitablar olmasaydı, bəlkə də, havalanardım. Yenə də kitab…
İndi isə məndən “iş” tələb edir… Yazmaq istəyir. Elə mən özüm də yazmaq istəyirəm. Çünki yazmadığım müddət ərzində anladım ki, nə ilə məşğul olsam da, özümə yer tapa bilmirəm. Hiss edirəm ki, zaman narın qum kimi barmaqlarımın arasından süzülüb gedir, mənsə edə biləcəklərimi etmirəm…
Dostlarla xeyli götür-qoydan sonra – İbrahim də (Nəbioğlu), Arif də (Əliyev), Qulu da (Məhərrəmli) məsləhət bildilər ki, “Ayna”nı bərpa edək. Və işə başladıq. Dəyərli insan və ziyalı, gözəl rəssam və işinin ustası Akifin (Hüseynov) təmənnasız dəstəyi ilə xeyli zəhmətdən sonra, deyəsən, nə isə alınmaq istəyir, ancaq Nicatla hələ də çalışırıq…
Amma bu, qəzet olmayacaq, çünki mövcud şərtlərdə çap mediası özünü nə dolandıra, nə də doğrulda bilər. Məhz ona görə də bu, kommersiya layihəsi deyil. Sadəcə, qələmi və sözünün ağası olan kəslərin ziyalı sözü deməsi üçün bir platformadır. Peşəkar jurnalistlərin “köşə”sidir. Yeni, “Ayna” saytında yalnız köşə yazıları olacaq – İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin, Rauf Mirqədirovun, Arif Əliyevin və mənim.
Özümüzü internet TV kimi də sınayacağıq. Zənnimcə, alınacaq, çünki Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi telejurnalistika ustadları bu işə əl qoyacaqlar…
* * *
“Sonra özündən xəbər aldı:
– Qoca, səni axı kim məğlub etdi?
Özü də cavab verdi:
– Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim”.
Bu, böyük Heminqueyin “Qoca və dəniz”indəki qoca Santyaqonun daxili dialoqundan bir parçadır. Deyilənlərin əsl mənasını indi anlayıram. Anlayıram ki, “dənizdə çox uzağa” yalnız sınanmış dostlarla getmək olar!

    Elçin Şıxlı

2013…
İlin sitatı:
“Ağaclar ayaq üstə ölür”

Ayrılan yollar
Gülər Əhmədovanın həbsi məntiqəuyğun olduğu qədər də gözlənilməz alındı. Keçən il sentyabrın 25-dən közərən alov, deyəsən, yandırmağa başlayır. Elşad Abdullayevin Kventin Tarantinosayağı sürrealist süjetlərini izləyən cəmiyyət bunun nə ilə nəticələnəcəyini səbirsizliklə gözləsə də, həmin tamaşanın istəmədikləri halda baş qəhrəmanlarına çevrilmiş simaları son zamanadək özlərini nə qədər tox tutsalar da, yalnız müdafiə olunurdular. Bunu təbii qarşılamaq gərəkdir, çünki indiyədək Azərbaycanda hamıya ümumən bəlli, amma yenə də cib telefonlarını gizlətdikdən sonra belə pıçıltıyla dilə gətirilən həqiqətlərin bu cür qızıl-qırmızı ictimailəşdirilməsi olmamışdı. Hamı çaşqınlıq içindəydi. Yuxarılarda hikkədən boğulurdularsa, aşağılarda kiminsə, nəhayət, sallaqxana keçisi kimi qabağa düşməsindən həzz alanlar üstünlük təşkil edirdi.
Əvvəlcə videogörüntülərin saxta olduğu iddia edildi, sonra diqqət Elşad Abdullayevin özünün də düz adam olmadığına yönəldildi, amma bütün bunlar vaxt qazanmaq cəhdlərindən başqa bir şey deyildi. Nəhayət, “gülərgate” darvazasının paslanmış zirəzəsi cırıltıyla açıldı. Əvvəlcə Gülər Əhmədova Milli Məclisi tərk etdi, sonra isə YAP “məclis”i onunla yollarını ayırdı. Amma videoların ardı-arası kəsilmək bilmirdi. Onlar sahilə çırpılıb geriyə çəkilən dalğalar kimi hər dəfə yeni-yeni simaları üzə çıxarırdı. Süjet artıq qurban tələb edirdi. Belə də oldu – Sevinc Babayeva ölkədən qaçırılsa da, İstanbulda dünyasını dəyişdi. Çərşənbəyədək bu ən ağır itki idi, amma siyasi mənası və çəkisinə görə Gülər Əhmədovanın həbsi daha taleyüklü görünür. Bunun, zənnimcə, bir neçə səbəbi var. İlk növbədə, bu həbsin hansı hadisələr fonunda baş verdiyinə diqqət yetirmək lazımdır. Ölkədə son bir ay ərzində dalbadal bir yandan kortəbii xalq çıxışları, digər yandan da sosial şəbəkələr vasitəsilə təşkil olunduğu bildirilən etirazlar oldu. Kulminasiya İsmayıllıya təsadüf etdi. Orada baş verənlərin, bir çox oxşar cəhətlərə baxmayaraq, Qubadakılardan xeyli fərqi var. İlk halda bir çoxlarının nəsə bir şuluqluq olacağından əvvəlcədən xəbəri vardısa, İsmayıllıda baş verənlər kortəbii xarakter daşıyırdı. Və elə buna görə də İsmayıllı həyəcan təbili çalmağın əsl vaxtı olduğunu göstərdi, çünki nə Binə ticarət mərkəzində, nə əsgər ölümlərinə qarşı etiraz aksiyasında, nə də İsmayıllıda müxalifət deyə tanınan qüvvənin iştirakı vardı. Bu nəydisə, heç cür ipə-sapa yatmaya biləcək dərəcədə təhlükəli bir təzahürdü…
Bu yerdə Əkrəm Əylislinin “Daş yuxular”ı ortalığa atıldı. Atıldı kəlməsini necə istəyirsinizsə, elə də yoza bilərsiz, amma burada bir şey danılmazdır ki, “əkrəmgate” “gülərgate”i kölgədə qoydu. Hətta Şeyx həzrətləri yazıçını “mürtəd” belə adlandırdı. Ondan əvvəlsə ölkə prezidenti Əkrəm Əylislinin, demək olar, bütün imtiyaz və fəxri adlarını əlindən aldı. Və belə bir məqamda “Daş yuxular”ın diqqəti yayındırmaq üçün ortaya atıldığı fikri tərəfdarlarına onlarla razılaşmayanlara tənə etməyə imkan verməyən bir hadisə baş verdi – axşamayaxın Gülər Əhmədovanın həbsi xəbəri yayıldı. Belə çıxır ki, Əkrəm Əylisli “təhlükə”sindən də böyüyü varmış. Başqa cür olsaydı, bağları belə qəfildən kəsib yolları ayırmazdılar. Bu ya şahmatda olduğu kimi, piyadanı qurban verib təşəbbüsü ələ almaq cəhdidir, ya da endşpilə hazırlıq.
Kim bilir, bu qaranlıq və pusulu vadidə hələ nələr olacaq, amma bir çoxlarıyla yolların ayrılacağına şübhə yeri qalmamaqdadır.

    23.02.2013

Zəngvarı qövs
“The Bell Curve” dilimizə “zəngvarı qövs” kimi tərcümə edilə bilər. Bu, 1994-cü ildə ABŞ-da işıq üzü görmüş kitabın adıdır. Müəllifləri amerikalı professorlar – psixoloq Riçard Hernstayn və politoloq Çarlz Marridir. Deyilənə görə, kitab sırf elmi əsər mahiyyəti daşıyır. Kitab bütün elmiliyinə rəğmən vaxtilə çox böyük diqqət cəlb etməklə yanaşı, həm də qalmaqal doğurmuşdu. Özü də elmi dairələrdən çox, geniş ictimaiyyət arasında. Müəlliflərin gəldiyi nəticələr müasir Amerika cəmiyyətinin təməl sosial prinsiplərini alt-üst edirdi. Belə ki, müəlliflər marksizm-leninizm klassiklərindən fərqli olaraq insanları peşələri və tutduqları vəzifəyə görə deyil, anadangəlmə əqli keyfiyyətlərinə, yəni intellektlərinə görə siniflərə bölürdülər. İntellekt səviyyəsinin ölçülməsində isə İQ parametrlərinə istinad edirdilər. İQ ingiliscə insan əqlinin (intellektinin) kəmiyyət baxımından hesablanması anlamına gələn “intelligence quotient” söz birləşməsinin qısaldılmış variantıdır. İQ xüsusi testlər vasitəsilə insanın düşüncə və düşünmək imkanlarının (bilik səviyyəsi, erudisiya bu yerdə nəzərə alınmır) təyin edilməsidir. Bir sözlə, İQ testlərinə görə, ortalama 100 balı ABŞ əhalisinin böyük əksəriyyəti toplaya bilir ki, onların da 50 %-nin göstəricisi 90-110, digər 50 %-ninsə 25-i 90-dan az, o biri 25-i də 110-dan çoxdu. Bu minvalla orta amerikalının və ya insan intellektinin göstəricisi 100-dürsə, 130-dan artıq toplayanlar istedadlı, 70-dən aşağı yığanlarsa əqli cəhətdən geri qalanlardır. Kitab müəllifləri geniş statistik göstəricilərə əsaslanmaqla Amerika cəmiyyətindəki müxtəlif zümrələrə aid insanların əqli göstəricilərinin müxtəlifliyini araşdıraraq aralarındakı dərin fərqlərin təhlükəli olduğu nəticəsinə gəlib, onlar ağır nəticələr verməmiş yürüdülən milli sosial siyasətə edilməli olan düzəlişlərdən söz açıblar. Professorların fikrincə, İQ göstəricisi az qala insanın alın yazısıdır. Bir sözlə, yüksək İQ sahibləri həyatda istədiklərinə, əsasən, nail olur və özləriylə yanaşı, ətrafdakılar və ən əsası ölkəyə də yalnız və yalnız başucalığı və xeyir gətirirlər. Kitab müəlliflərinin gəldiyi digər nəticələrlə ictimaiyyətin liberal kəsimi kökündən razılaşmasa da, hər halda, elmi nəticələr bambaşqa bir mənzərə yaradır.
“The Bell Curve” müəllifləri prezident Lindon Consonun zamanından tətbiq edilən “affirmative action”, yəni müsbət tədbirlər və ya hərəkətlər kimi tərcümə edilən və “hamıya bərabər imkanlar verən böyük cəmiyyət” sosial proqramının əsaslarını da laxladırdı. Həmin proqrama görə, irqindən, dərisinin rəngindən və məxsus olduğu sosial zümrədən asılı olmayaraq hamıya eyni imkanlar və şərait yaradılmalı idi. Yəni bizə sovet dövründən çox yaxşı tanış olan kvota sistemi tətbiq edilirdi. Təəssüf ki, bu prinsiplərdən çıxış edərək hər hansı bir iş yerinə namizədlər arasından ən qabiliyyətlisi deyil, kvotaya və yaxud həmin məqamın konyunkturasına uyğun gələni seçilə bilir. Məsələn, müəssisədə ağdərililər çoxluq təşkil edirsə, həmin yerə mütləq qaradərili namizədi götürəcəklər ki, bəyan edilmiş sosial bərabərlik prinsipi pozulmasın.
Bu yerdə, ən azı, 35 il bundan əvvəl iştirakçısı olduğum söhbəti xatırladım. Yenicə nişanlanmışdım. Tanışlarımdan biri təbrikdən sonra nişanlımın hansı millətdən olduğuyla maraqlandı və cavabında “özümüzünküdür” eşidəndə tam səmimi şəkildə “sənin kitabın bağlandı, daha səni heç cür Mərkəzi Komitəyə işə götürməyəcəklər” deyə heyifsiləndi. Doğrusu, tutuldum və ondan tezcə aralandım. Belə axmaq şeylərin olmasına heç cür inanmaq istəmirdim, amma elə həmin ildəcə başqa bir tanışımı elə həmin MK-yaca həyat yoldaşı rus, özü isə irəvanlı olduğuna görə asanlıqla işə götürdülər…
“Azərbaycan müharibə aparan ölkədir. Lakin bu müharibə səngərdə deyil, auditoriyalarda getməlidir. Azərbaycan müharibədə qalib gəlmək istəyirsə, bizim orta məktəblərin V sinif şagirdləri qonşu ölkənin V sinif şagirdindən üstün biliyə malik olmalıdır. Təəssüf ki, biz bunu reallıqda görmürük. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir”.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib. Onun sözlərinə görə, orta məktəblərdə savadsızlığa, nadanlığa və tənbəlliyə qarşı müharibə elan edilməlidir: “Biz qan tökməzdən əvvəl tər tökməliyik. Səngərdə olan əsgər bilikli əsgər olmalıdır. Çünki bütün müharibələri insanlar, ilk növbədə, öz bilikləri ilə udur”.
Məleykə xanımın bu dediklərindən sonra düşündüm ki, deyəsən, Azərbaycanda İQ testi aparmağın lap vaxtıdır, çünki bu gedişlə məmləkəti İQ göstəricisi 70-dən aşağı olanların təmsil və idarə edəcəyi günü görmək təhlükəsiylə tək bizim övladlarımız deyil, elə özümüz də qarşılaşacağıq…

    27.02.2013

Son yarpaq
Bu günlərdə Rusiyada dəbdə olan yazıçı Boris Akuninin “Financial Times” qəzetinə verdiyi müsahibəylə tanış oldum. Diqqətimi onun söylədiyi bir fikir çəkdi. Deyir, bəxtim gətirib ki, SSRİ-də anadan olub da hal-hazırda Rusiyada yaşayıram. Yoxsa sakit və rahat ölkədə doğulan adamlar kimi 90 yaş yaşayıb necə insan olduğunu bilməyə bilərsən, çünki həyat səni əməlli-başlı sınağa çəkmir.
Qəribə məntiqdir – dünya-aləm Rusiyada insan haqlarının pozulmasından, demokratiyanın boğulmasından, ölkənin totalitarizmə yuvarlanmasından, millətin zillət içində yaşamasına rəğmən bir ovuc insanın ölkəni talan edib kef çəkməsindən, korrupsiyadan və ən nəhayət, söz və ifadə azadlığının heç səviyyəsində olmasından danışır, yazıçı isə sanki bunlarsız yaşaya bilmədiyini söyləyir, deyir ki, 56 yaşım olsa da, Rusiyada artıq 5-6 həyatlıq ömür sürmüşəm.
Rusiyada, lap elə Azərbaycanın özündə sosial sorğu keçirə bilsəydim, bir sual verərdim: 90 yaş rahat həyat sürüb nəyə qadir olduğunuzu bilmədən ölə biləcəyiniz, yoxsa sizi 56 yaşa çatanda 5-6 ömür sürmək məcburiyyətində qoyan bir ölkədə yaşamaq istərdiniz? Zənnimcə, böyük əksəriyyət 90 yaşadək firavan yaşamaq imkanı yaradan ölkəyə səs verər və həmin səsvermənin nəticələri heç kimdə şəkk-şübhə doğurmazdı. İnanın ki, özünün nə kimi bir insan və nəyə qadir olduğunu bilmək istəyənlərin sayı heç dərəcəsində olacaq. Hamı firavan həyatı seçəcək. Bax problemin kökü də elə bundadır.
Bu yerdə yadıma dünya ədəbiyyatına hekayə ustası kimi möhürünü vurmuş böyük Amerika yazıçısı O. Henrinin “Son yarpaq” əsəri düşdü. Hekayənin iki əsas personajından danışacam. Hər ikisi rəssamdır, yəni bizim dillə desək, ziyalıdır, özü də yaradıcı ziyalı. Yaşadıqları ölkə də bu gün, qeyd edirəm, bu gün, rahatlıqla 90 yaş ömür sürüləsi bir yerdir, amma hadisələr XXI deyil, XIX əsr Amerikasında cərəyan edir – hələ sətəlcəmin belə insanları öldürdüyü bir ölkədə.
Soyuq noyabr günlərinin birində Nyu-Yorkun rəssamlar məhəlləsi kimi tanınan Qrinviç-Villicdə yaşayan iki gənc rəssam xanımdan biri – Consi sətəlcəm olur. Sağalma şansları 1:10 nisbətindədir. O yeganə şans da xəstənin yaşamaq istəyidir. Amma Consi nədənsə həyatı uğrunda çarpışmaq istəmir, bu azmış kimi, beyninə pəncərəsiylə üzbəüz binanın divarını sarmış sarmaşığın son yarpağının düşəcəyi gündə öləcəyini də salır və beləliklə, gözünü sarmaşıqdan çəkmir. Yarpaqlar töküldükcə qızın gözündəki həyat eşqi də öləziyir.
Consigildən bir mərtəbə aşağıda ömürboyu misilsiz rəsm əsəri yaratmaq istəyən, lakin bunu bacarmayan Berman soyadlı qoca rəssam yaşayırdı. Çörəkpulunu həmkarlarına “naturşik”lik etməklə qazanan qoca Berman Consinin yarpaq şakərindən xəbər tutanda sarmaşığın son yarpağı da düşməkdəydi… Və qoca Berman, nəhayət ki, ŞEDEVR yaradır. Soyuq havada, şıdırğı yağışın altında gecəykən yuxuya dalmış Consi üçün SON YARPAQ çəkir və qıza həyat eşqini qaytarır, onu ölümün caynağından qoparır. Özü isə… sətəlcəm olub ölür. Qoca Berman şedevrini həyatı bahasına yaradır… Əslində, ŞEDEVR onun çəkdiyi YARPAQ deyildi, ŞEDEVR onun Consini həyata qaytarmasıydı.
90 il rahat yaşayıb ölə bilmək üçün ŞEDEVR yaratmaq lazımdır, əziz oxucu, ŞEDEVR. Özü də hər kəs özünün, lap balaca da olsa, şedevrini yaratmağa hazır olmalıdı. Əks təqdirdə rahatlıqla 90 il ömür sürülə biləcək məmləkətdə deyil, 56 yaşında 5-6 ömür yaşanan bir coğrafi məkanda itib-batacağıq, özü də nəyə qadir olduğumuzu ayırd etməyə macal tapmamış…

    13.03.2013

Quzğun
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu martın 10-da Fəvvarələr meydanındakı əsgər ölümlərinə qarşı keçirilən icazəsiz aksiya zamanı jurnalistlərin bəzilərinin peşə fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyini bildirir. Qeyd etmək lazımdır ki, həmin qrupa Daxili İşlər Nazirliyi əməkdaşları da daxil imiş. MŞ və DİN mütəxəssislərindən ibarət bu qrupun bildirdiyinə görə, jurnalistlər, təbii ki, hamısı yox, əyinlərinə “Press” yazılı xüsusi gödəkçə geymələri azmış kimi, hələ bir etirazçıların arasına da soxularaq öz işlərindən başqa nə ilə desəniz məşğul imişlər. Bütün bunlar qrupa belə bir nəticəyə gəlməyə əsas verib ki, onların hərəkətləri jurnalistika prinsipləriylə daban-dabana ziddir, çünki jurnalistin əsas vəzifəsi hadisələri doğru, dürüst və tərəfsiz işıqlandırmaqdır.
Bir sözlə, köhnə hamam, köhnə tas. Jurnalistlərin gerçək və bəzən də amansız həyat həqiqətlərini işıqlandırarkən hadisələrin tam ortasına düşəndə necə hərəkət etməli olduqları həmişə müzakirə mövzusu olub və zənnimcə, gələcəkdə də elə belə qalacaq. Hərənin bir fikri var. Məsələn, Milli Qəhrəman, mərhum həmkarımız Çingiz Mustafayevin Xocalı qırğınından çəkdiyi kadrlar. Dəhşətli və insanın qanını damarlarında donduran səhnədir. Və… Çingiz ağlayır, çünki o, jurnalist olmaqla və həmin məqamda peşə borcunu yerinə yetirməklə yanaşı, həm də bir insandır, özü də, ilk növbədə, insan və yalnız sonra jurnalistdir. Əslində, sırf peşə baxımından onun ağlamamalı olduğunu da demək olar. Amma necə deyəsən? Bu, mümkündürmü?!
Yaxşı yadımdadı, 2003-cü ilin prezident seçkilərindən sonrakı hadisələr zamanı jurnalistlərin döyülməsinə onların guya etirazçıların arasında olmaları və asayiş keşikçilərinə fəal müqavimət göstərmələri ilə bəraət qazandırırdılar. Həmkarlarımdan kiminsə döyülməmək üçün özünü fəal şəkildə müdafiə etdiyini istisna etmirəm, hətta müsahibələrimdən birində demişdim ki, jurnalist aksiya zamanı əlinə daş alan məqamdan toxunulmazlığını itirir. Amma nəzəri cəhətdən söylədiklərim nə qədər düzgün səslənsə də, bir o qədər də gerçəklikdən uzaqdı. Bir var rahat yerdə oturub “dahiyanə” fikirlər yürüdəsən, bir də var başını yarandan sonra jurnalist olduğunu unutmayasan. Lap elə həmkarım və dostum Arif Əliyev kimi – etirazçılar kəsəklə vurub başını yarmışdılar, polis də tutub təcridxanaya salmışdı ki, etirazçısan. Di gəl bundan sonra etiraz etmə, görüm necə edirsən?!
Fikrimi 1994-cü ildə beynəlxalq miqyasda ən ali jurnalist mükafatı – Pulitser mükafatı almış cənubi afrikalı fotomüxbir Kevin Karterin yaşadıqlarını nəzərinizə çatdırmaqla bitirmək istəyirəm. Kevin Karter o zamanlar məşhur olan və özlərini “Bang-bang team” adlandıran fotomüxbir qrupunun üzvü olaraq dünyanın ən qaynar və təhlükəli nöqtələrində çalışıb. Həmin qrupdan bir neçə jurnalist Pulitser mükafatına layiq görülmüşdü. K.Karter 1993-cü il Sudan hadisələrini işıqlandırarkən təsadüfən dəhşətli bir səhnənin – acından ölməkdə olan qızcığazın və onun böyrünü kəsdirib qurbanının nə vaxt canını tapşıracağını gözləyən iri bir quzğunun fotosunu çəkmişdi. Şəkil daha təsirli və keyfiyyətli alınsın deyə Kevin bir xeyli uyğun rakurs seçmiş və nəhayət, quzğunun 10 metrlikdən, biçarə uşağı didməyə başlamasından azca əvvəl şəklini çəkmişdi. Qızcığazı quzğunun dimdiyindən son anda qurtarsa da, həmin jurnalist işinə görə ”Pulitser” almış Kevin Karteri ictimaiyyət ellikcə mənəviyyatsızlıqda ittiham etmişdi. Hərçənd onun bu işini “The New-York Times” kimi dünyamiqyaslı bir nəşr öz səhifələrində yaymışdı.
Maraqlıdır, görəsən, Mətbuat Şurası və Daxili İşlər Nazirliyinin birgə monitorinq qrupu Kevin Karterin bu davranışını necə qiymətləndirərdi? Ona öz peşə borcunu doğru-dürüst və ən əsası tərəfsiz yerinə yetirdiyinə görə haqq qazandırardı, yoxsa insan olduğunu unudub da uşağın vəhşi quzğunun şikarına çevrilməsinə mane olmamaqda günahlandırardı?
Ümumiyyətlə, Karter həmin məqamda nə düşünür və hansı hisləri keçirirmiş? O, yəqin ki, seçim qarşısındaymış: ya ”Pulitser” və dünya şöhrəti, ya da heç nə; ya peşə borcunu yerinə yetirmək, ya da insan həyatını xilas etmək… Hər halda, həmin gün Karterinki gətirmişdi – həm ”Pulitser”lik foto çəkmişdi, həm də son anda quzğunu uşağı öldürməyə qoymamışdı. Qısası, nə şiş yanmışdı, nə kabab. Amma həmişə belə olmur axı!
Elə Karterin sonrakı aqibəti də bunu təsdiqləyir. O, 1994-cü ildəcə, ”Pulitser”in tam keyfini çəkməmiş yağdırılan tənələr, peşəsiylə bağlı üzləşdiyi dəhşətli hadisələr, gözünün qabağındaca, qarşısını ala bilmədiyi və bir jurnalist kimi lentə almalı olduğu törədilən vəhşi qətllər və ən nəhayət, maddi sıxıntılar ucbatından 33 yaşındaykən intihar edir.
İndi buna necə qiymət verəsən, əziz oxucu?!

    27.03.2013

“Bağça şlanqı”
Ölkə istirahətdə olanda onun yaxın və uzaq ətrafında bir çox maraqlı hadisələr baş verib. Onları Novruz sürprizləri də adlandırmaq olardı, amma bu bayramın, əslində, baş verənlərlə bir elə əlaqəsi yoxdur. Hərçənd PKK lideri Öcalanın müraciətini oxuyanlar Novruzdan bir fürsət kimi yararlandılar. O boyda adamı başqa vaxt bir yerə toplamaq çətin ki mümkün olaydı.
Bu müraciətin nə demək olduğunu, nə kimi nəticələr verəcəyini, zənnimcə, indidən tam əminliklə söyləmək naşılıq olardı. Yalnız daxili gözləntilərin nədən ibarət olduğu haqda mülahizələr yürütmək olar.
Azərbaycan vətəndaşı üçün gözlənilməz olan belə bir müraciətin həmən ardından Türkiyədən daha bir sürpriz xəbər gəldi – İsrailin baş naziri Netanyahu Rəcəb Tayyib Ərdoğanın 2010-cu ildən bəri gözlədiyi üzrxahlığı etdi. Bu hadisə Öcalanın müraciətindən heç də çəki və əhəmiyyəti etibarilə geri qalmır, bəlkə də, daha vacibdir, çünki İsrail dövləti yarandığı 1949-cu ildən bəri hələ heç kimdən və heç bir dövlətdən üzr istəməmişdi.
Təbii ki, Türkiyənin bir dövlət və prezidentlik iddiasında olan Ərdoğanın baş nazir kimi yürütdüyü daxili siyasətin nə kimi hədəflər güddüyü sirr deyil. Sülh, demokratiya, insan haqları və sair bu kimi dəyərlər, təəssüf ki, sadəcə, hədəflərə çatmaq üçün bir şüar kimi istifadəsi labüd olan siyasi vasitələrdən başqa bir şey deyil. Hörmətli oxucu mənimlə razılaşmaya da bilər, amma hər halda, mənim gəldiyim qənaət budur.
Əslində isə məni bu iki hadisənin üst qatından daha çox, dünyaya açılan üzü düşündürür. Birdən-birə nə oldu ki, illərdir ipə-sapa yatmayan PKK qarşı tərəfin Öcalan vasitəsilə dediklərinə qulaq kəsildi? Nə oldu ki, Netanyahu durduğu yerdə üç ildir ondan gözlənən üzrxahlığı etdi? Maraqlıdır, deyilmi? Ən maraqlısı isə odur ki, hər iki hadisə Sem dayını olduqca sevindirdi və Potomak sahillərindən ucalan alqış sədaları dünyanın qulağına çatdırıldı…
Bu günlərdə ukraynalı həmkarım Yuri Rayxel “Zerkalo” üçün yazdığı məqalədə II Dünya müharibəsi zamanı ABŞ prezidenti olmuş Franklin Ruzveltin lend-liz haqqında qanun layihəsinin vacibliyini sübuta yetirməkçün gətirdiyi bənzətmədən söz açır. Həmin qanun 1941-ci ilin martında konqresin hər iki palatasında gərgin mübahisələrdən sonra qəbul edilmişdi. ”Lend-Lease Act” kimi tanınan qanunun əsl adı “An act to Promote United States”dir. Lend ingiliscə – borc vermək, lease isə – kirayəyə vermək deməkdir. Söhbət II Dünya müharibəsi zamanı Amerikanın maliyyəsi çatmayan müttəfiqlərinə silah-sursat, hərbi texnika və ordu təminatına gərək olan hər bir şeyin borc və kirayə əsasında verilməsindən gedirdi. Amerika ictimaiyyəti və qanunvericilərini belə bir qanunun vacibliyinə inandırmaq üçün prezident Ruzvelt ilk baxışdan çox bəsit bir misal gətirmişdi. O, Amerikanı evi yanan qonşusuna bağça şlanqını borc vermək istəməyən birisinə bənzətməklə ictimai rəydə inqilab etmişdi. Amerikalılar alovun qonşunun evindən özlərininkinə keçməməsi üçün bağça şlanqını borc verməyi özünümüdafiənin ən yaxşı yolu kimi qavramış və hələ də bu prinsipdən imtina etməmişlər.
Bir çoxları Amerikanın xarici siyasətini digər tərəfləri ilə yanaşı, həm də burnunu özgəsinin işinə, özü də daxili işinə soxmaq kimi dəyərləndirirlər. İlk baxışdan elə belə də var, amma bunun əsasında Ruzveltin “bağça şlanqı” prinsipinin çox əhəmiyyətli yer tutduğunun fərqinə çox az adam varır. Elə buna görədir ki, Öcalan PKK-ya müraciət etdi, Netanyahu isə Obamanın İsrailə səfəri zamanı elə onun gözünün qabağındaca Türkiyədən üzr istədi, çünki ABŞ Yaxın Şərqdəki yanğına müdaxilə etmək niyyətindədir. Qarşıda fatihəsi verilmiş Suriyadan sonra İranda nəyin bahasına olursa-olsun “nüvə yanğını”nın alovlanmasına imkan verməmək kimi taleyüklü bir məsələ var. İran ətrafında keyfiyyətli yanğınsöndürmə əməliyyatı keçirmək üçünsə tam sabitlik və istinad nöqtələrində əmin-amanlıq olmalıdır. Düzdür, bu əmin-amanlıq çox çəkməyə də bilər.
Əslində, elə belə də olacaq, amma bu artıq sonranın işidir. Hələliksə bizi maraqlı olduğu qədər də çox təlatümlü və hətta təhlükəli günlər gözləyir. Gözümüzü dörd açmalıyıq. Azərbaycan olaraq baş verəcəklərə hazır olmalıyıq. Hazırıqmı?

    05.04.2013

“Köməyimə ehtiyacı vardı”
Bu günlərdə katolik-xristianlar Pasxa bayramını qeyd edirdi. ABŞ prezidenti Barak Obama da o cümlədən. Həmin gün böyüklü-kiçikli 30 minə yaxın adam prezidentlərinə qonaq gəlmişdi. Və ev sahibi Obama qonaqlarının hər birinə diqqət ayırmaq üçün əlindən gələni etmişdi – böyüklərlə söhbətləşmiş, uşaqlarla isə həm oyun oynamış, həm də sonda onlara kitab oxumuşdu.
”New-York Daily News” həmin tədbirdən kifayət qədər geniş məqalə çap edib və baş verənlərin bir çox incəliklərinə qədər varıb, amma mənim diqqətimi qeyri-iradi olaraq bir məqam çəkdi və xeyli düşünməyə, hətta müqayisələr də aparmağa vadar etdi.
Nyu-Yorklu həmkarlarımız yazır ki, basketbol oynamağın vaxtı çatanda prezident Obama uşaqların hamısını bir sıraya düzərək onun topu səbətə sala biləcəyinə kimin şübhə etdiyini soruşur. Bir balacadan başqa hamı gülümsəyərək susmaqla “hər halda, prezidentdir” düşünüb onun hədəfdən yayınmayacağını bildirir və… ABŞ kimi qüdrətli dövlətin başçısı nə qədər çalışırsa da, topu səbətə sala bilmir. Pərt olsa da, özünü o yerə qoymur. Meydançadan aralanır. Digər qonaqlara diqqət ayırdıqdan sonra yenidən topu əlinə alır, amma bu dəfə onu 10 yaşlı Karon Kempbelə verir. Gözünə döndüyüm balaca da topu elə ilk atışdan səbətə salır və yalnız bundan sonra Obamanın da əli açılır. Dərhal jurnalistlərin diqqət mərkəzinə düşən balaca Karon Kempbel baş verənlərə necə izahat versə yaxşıdır? Uşaq deyib ki, “ONUN MƏNİM KÖMƏYİMƏ EHTİYACI VARDI”. Bu o deməkdir ki, ABŞ-da 10 yaşlı balaca belə artıq prezidentinə, yəni vətəndaşı olduğu ölkəsinə kömək etməyin məsuliyyətini anlayır və bununla belə, əksəriyyətin ümumi fikrinə rəğmən həm də öz mövqeyini söyləməyə çəkinmir, çünki bunun üstündə cəzalandırılmayacağına tam əmindir, çünki başqa cür olsaydı, Amerika Amerika olmazdı. Başqa cür olsaydı, bu ölkə mənəm-mənəmlik etməzdi, başqa cür olsaydı, Obama topu balaca Kempbelə verməzdi…
Topun prezidentdən uşağa ötürülməsi bu ölkənin ənənəsidir, yaşlı nəslin cavanlara etimadı və ümididir. İnamıdır ki, qocalıb əldən düşəndə yerlərini tutmuş cavanlar ölkənin gələcəyini təmin edəcəklər.
Bizdə isə tuthatutdur. Novruz bayramı ərəfəsində və sonra nə qədər ağzını açıb söz demək istəyən cavan varsa, hamısını süpürləyib salmışıq “qoduqluğa”. Düşünürük ki, bu yolla onların gözünün odunu alıb susduracağıq. Amma susmurlar, elə hey sosial şəbəkələrdə yazışırlar, təşkilatlanırlar, daha da qəzəblənir, dirənirlər. Böyüklərə inamlarını itirir, əbədi və danılmaz dəyərlərə belə şübhə ilə yanaşırlar. Böyük sözü artıq keçmir. Bizlərdən kimsə onlara top ötürmək istəsə, o topu alacaqlarmı, bizə kömək etmək istəyəcəklərmi?! Bu gedişlə çətin ağlım kəsir…
Ötən ayın son həftəsi bizdə də bayram idi – Novruz bayramı. Bizdə də prezident camaatla bayramlaşmağa çıxmışdı, həmişəki kimi. Həmişəki kimi yumurta da döyüşdürmüşdü və həmişəki kimi də udmuşdu. İllərdir, dostum Qulu Məhərrəmli demiş, Keçəllə Kosanın “yumurtası boş çıxır” və nə qədər ki qabağa “yumurtası boş” keçəl və kosalar çıxacaq, o qədər də biz “Amerika” ola bilməyəcəyik…

    10.04.2013

Amerikadan “sitat”
İndi deyəcəksiniz ki, bu da bizi “öz Amerikası” ilə lap bezdirdi. Bir şey olan kimi Amerikadan “sitat” gətirir. İnan, əziz oxucu, qəsdən etmirəm. Belə alınır. İndi mən nə edim ki, ABŞ 2014-cü maliyyə ili üçün dövlət proqramları və ümumən dövlətin təbliğatına ayrılacaq vəsaitin keçən illə müqayisədə düz 20,45 milyon dollar azaldılmasına qərar verdiyi halda, bizim Dövlət Neft Şirkəti “işini-gücünü buraxıb” Türkiyə media bazarına girir. Orada qəzet və televiziya kanalı alır. Bir sözlə, “Qazprom”luq edir.
Maraqlısı budur ki, Dövlət Departamenti xərcləri azaltmaq qərarına gəlsə də, onun bu istəyinin həyata keçib-keçməyəcəyi qərarını konqres verəcək. Yəni Dövlət Departamenti də özbaşına deyil, onun büdcə yükünü azaltmaq istəyi belə, qanunverici strukturun “xeyir-duası” olmadan həyata keçə bilməz. ABŞ Yayım Şurası Dövlət Departamentinin tabeliyində olaraq “Amerikanın səsi”, “Azadlıq/Azad Avropa”, “Azad Asiya”, “Sava”, ərəbdilli “Əl-Xurra” və ispandilli “Marti” teleradiokompaniyalarının işinə nəzarəti həyata keçirir.
Bizim Dövlət Neft Şirkəti də dövlətin mülkiyyətindədir. Maraqlıdır, bizim “neftçilər”in media aləminə nüfuz etməsindən Milli Məclisin xəbəri varmı?
Anladığım qədər, Yerin təkindəki bütün təbii sərvətlər heç kəsin, kobud ifadəyə görə üzr istəyirəm, dədəsinin malı deyil. Bəs onda necə olur ki, xalqın sərvətindən əldə olunan gəlir onun, yəni xalqın sevib seçdiyi millət vəkillərinin xəbəri olmadan sağa-sola xərclənir?!
İndi mən Amerikadan sitat gətirməyim, nə edim?

    19.04.2013

Keyfiyyətli həyat
Şimali Kipr Türk Respublikasındayam. Burada dəfələrlə olmuşam, həmişə də xoş təəssüratlarla qayıtmışam. Düşünmüşəm ki, adam qocalıb lap əldən düşəndə gərək belə bir yerdə dəniz sahilində kiçicik bir daxma alıb yaşasın. Görünür, bu istək Ernest Heminqueyin yaradıcılığını çox sevdiyimdən və usta yazıçının Kubada yaşadıqlarını həddən artıq canlı təsvir etməsindən irəli gəlir. Bu məsələyə hələ qayıdacam. Hələliksə başqa bir məqama toxunmaq istəyirəm.
Əslində, deyən olmasa, bu yerləri gəzəndə adamın heç ağlına da gəlməz ki, Şimali Kipri, elə Azərbaycan da daxil olmaqla, Türkiyədən başqa dövlət kimi tanıyan yoxdur. Hər halda, mən bununla bağlı yerli əhalidə natamamlıq kompleksi duymadım, hətta bir sıra məqamlarda bu tanınmamış Kiprə qibtə də etdim. Soruşacaqsınız ki, nəyinə? Məsələn, təhsil sisteminə. Deyəcəksiniz ki, bu da guya Amerika kəşf edib (yenə də Amerika). Azərbaycanda bunu çox az adam bilmir. Tələsmə, əziz oxucu, bunu mən də bilirəm. Sadəcə, bu yerdə diqqətimi çəkən başqa bir şey oldu. Bilmirəm, bəlkə, heç özləri də fərqinə varmadan Kipr türkləri, deyəsən, tanınmağın, yəni müstəqilliyə çatmağın yolunu tapıblar. Nə qədər qəribə, biz Azərbaycan türkləri üçünsə utandırıcı olsa da, həmin yol təhsildən keçir. Bəli-bəli, məhz təhsildən. Ölkənin 300 min əhalisi ilə yanaşı, 50 min də xaricdən gəlmə tələbə var. Beş şəhər adlandırıla biləcək yerləri varsa, bir o qədər də universitetləri var. Məkanı dövlət kimi tanımırlar, amma universitetlərinin diplomlarını tanıyırlar, hətta Britaniya universitetləri Kiprdəkilərnən əməkdaşlığa can atır. Ona görə tanıyır və əməkdaşlıq edirlər ki, universitetlərin özləri də, kampusları da, verdikləri biliklər də yüksək səviyyədədir, başqa cür olsaydı, dünyanın dörd bir yanından həmin universitetlərə çalışmağa və təhsil almağa gələn olmazdı. Bizimlə müqayisə aparmaq istəmirəm, çünki utanıram, bir də ki demək istədiyim bu deyil. Tamam başqa bir şeydir. Türk Kiprinin prezidenti, baş naziri və xarici işlər naziriylə söhbətlərdən aydın oldu ki, Kipr probleminin tezliklə həllinə heç bir ümid yoxdur, bununla belə, əllərini yanlarına sallayıb durmaq fikirləri də yoxdur. Rum kəsimiylə birgə yaşamaq kimi xülyalara da uymurlar. Fikir və məqsəd müstəqillikdir, çünki qarşı tərəf buna heç meyilli deyil. İqtisadi böhran da danışıq aparmamaq üçün rumların əlində bir bəhanəyə çevrilib. Bir sözlə, millət hər şeyə rəğmən yaşayır, çalışır və öz işini görür. KEYFİYYƏTLİ HƏYAT yaradır və beləliklə də onu tanımaq istəməyənləri özünə cəlb edir. Məncə, tanınmağın, bu halda isə müstəqilliyə aparan yolun düzgün seçildiyini söyləsəm, yanlışlığa yol vermərəm. Keyfiyyətli həyat yazdım, yadıma Qarabağ düşdü. Düşündüm ki, oradakı erməniləri geri qaytarmağın yolu yalnız və yalnız keyfiyyətli həyat yaratmaqdan keçir. Mən qəsdən torpaqların deyil, ermənilərin qaytarılması dedim, çünki insan milləti və dinindən asılı olmayaraq, cüzi istisnalarla, insan kimi yaşamaq istəyir. İnsansız torpaqsa heç nədir və torpaq da, elə insan kimi, ona yiyə duranındır. Qarabağa yiyə durmaq istəyiriksə, insanımıza yiyə durmalıyıq, Azərbaycanın hər bir tərəfində yaşayan insanımıza, vətəndaşımıza. Bununsa bir yolu var – məmləkətin insanı üçün KEYFİYYƏTLİ HƏYAT şəraiti yaratmaq. Hər halda, Kipr türkləri bu yolu tutublar. Düşünürəm ki, onlar istəklərinə çatacaqlar, çünki düzgün yoldadırlar, beyinləri də düz çalışır. Bizim işimizsə qalıb… özümüzə.
P.S. Yaxın Doğu Universitetinin qibtə ediləcək dərəcədə gözəl klinikası var. Bizi çox böyük hörmətlə qarşılayan universitet rəhbərliyinin qonaqpərvərliyindən istifadə edərək heyət üzvlərimiz tibbi müayinədən keçdi, mən də o cümlədən. Xanımım nə qədər desə də, Bakıda buna zaman tapmırdım. İndi bu sətirləri oxuyanda, yəqin ki, çox təəccüblənəcək. Nə isə… Aramızdan səhhətində problem olmayanı çıxmadı. Mənim analizlərimin nəticəsini görən həkimsə həmən xəstəxanaya yatırılmalı olduğumu dedi və ümumiyyətlə, jurnalistikanın daşını atmağı tələb etdi. Ona nə cavab verəcəyimi bilmədim. Əslində, cavab birmənalı idi: xeyr, doktor xanım, söylədiklərinizin heç biri mümkün deyil. Nə Kiprdə qalasıyam, nə də jurnalistliyin daşını atası, çünki Azərbaycanda KEYFİYYƏTLİ HƏYAT deyə bir məfhum yoxdur, biz onu qurmamışıq nədir, belə bir şey etmək fikri belə ağlımıza gəlməyib. Yoxsa nə varıydı ki, istefa verib Kiprdə dəniz sahilində bir koma alıb Heminquey Kubada yaşayıb-yaratdığı kimi ömür sürməyə… Yəqin, elə buna görədir ki, Azərbaycanda vəzifə kürsüsünə oturanların heç biri yerindən tərpənmək istəmir. Necə tərpənsin – bizdə KEYFİYYƏTLİ HƏYAT yoxdur axı!

    25.04.2013

“Dəli Kür”
Adamın qulağı hər gün bir əcaib şey eşitməsə, kar olar.
Bir həftəyə yaxınıydı ki, Bakıda deyildim. Qulağım dinc, əsəblərim rahat idi, amma darıxırdım. Ev üçün, dostlar üçün darıxırdım, Bakının ağır havası üçünsə burnumun ucu göynəyirdi. Nəhayət, evə döndüm və Bakının “havasının ağırlığını” duydum. Gerçək problemlər qalıb bir kənarda – onlardan danışmağa, onları törədənlərin adını belə çəkməyə cürəti çatmayan “yumurtası boş keçəllə kosalar” indi də Herostrat kimi tarixə düşmək eşqinə düşüblər. Sərdar Cəlaloğlu siyasi məsələləri həll, demokratiyanı bərqərar etmiş birisi kimi indi də ədəbiyyata girişib – “vurğunşünaslıq” edir. Ədəbiyyatda ad çıxarmamış, özlərinə “ad” götürənlər də ona züy tuturlar.
Biri elə mənim “eloğlu” saya biləcəyim Həmid Herisçi. Həmid dərin və geniş mütaliəsi olan çox az azərbaycanlılarımızdandır. Təəssüf ki, çox oxumaqla yanaşı, heç olmasa, hərdən oxuduqlarının nə demək olduğunun mənasına da varmalısan. Həmidsə, deyəsən, oxuduqlarına o qədər mübtəla olub ki, gerçəkliyi qoyub bir kənara, olmayan yerdə, nəsə, özü demiş, “mistik” bir şey axtarır. Axtarsın, elə hamımız axtarmırıqmı? Bu dəfə o axtardığını Qazaxda tapmaq istəyirdi və deyəsən, öz aləmində tapdı da. Bu da bir xoşbəxtlikdir. Amma öz aləmində tapmaq özgələrinə çamur atmaqla olmur.
ANS-də gedən “Gizli Azərbaycan”ın son buraxılışında Həmid ən azı Qazax və Borçalı mahalının inanc yeri olan Hacı Mahmud Əfəndinin türbəsindən, həmin ocağın müqəddəsliyindən söz açır. Televiziya işçisi üçün maraqlı gələ biləcək priyomlardan istifadə edir (ədalət naminə deməliyəm ki, bir çox hallarda bu heç də pis alınmır, hətta yaxşı tapıntılar da var). Amma priyom da priyom olmalıdır axı. Hacı Mahmud Əfəndini tanıtmaq, onun tarixi bir şəxsiyyət olmasını göstərmək və böyüklüyünü qeyd etmək üçün heç də bir başqasını etmədiyi işə görə alçaltmaqdan keçməməlidir. Söhbət İsmayıl Şıxlı və onun “Dəli Kür” əsərindən gedir. Atam olmasaydı və atamı tanımasaydım, Həmidin və danışdırdığı gənc və göründüyü kimi, perspektivli dini icma sədrinin söylədiklərinə inanardım. Elə bu yazını da ona görə yazıram ki, digər tamaşaçıların, xüsusilə də gənclərin ekrandan eşitdiklərinə inanmaq ehtimalı olduqca böyükdür. Həmid filmdən fraqmentlər nümayiş etdirməklə və gənc dini icma sədrini danışdırmaqla həm özü, həm də ruhani bələdçisinin diliylə tamaşaçının beyninə İsmayıl Şıxlının “Dəli Kür”ü kommunist rejiminin siyasi sifarişiylə yaratdığı fikrini yeridir. Düzdür, xalaxətrinqalmasın deyə arada “təəssüflə” kəlməsini də işlədir. Oğlum yaşında olan gənc dini icma sədri isə İsmayıl Şıxlının molla Sadıx obrazını yaratdığına görə az qala şəxsən ondan üzr istədiyini dilinə gətirməkdən belə utanmır. Bu azmış kimi, hətta molla Sadıxın prototipinin kimliyini və onun çox hörmətli birisi olduğunu da əminliklə söyləyir. Bu yerdə atamın növbəti əsərinin təhlilinə həsr edilmiş bir məqaləni oxuduqdan sonra söylədikləri yadıma düşdü. Məqalədə yazıçının obrazı yaratmaqla oxucuya hansı mətləbləri çatdırmaq istədiyi barədə əminliklə hökm verən tənqidçinin fikirlərinə atam belə demişdi: “Mən tamam başqa şeylərdən yazmışam”. Vallah, bu qədər faciəvi olmasaydı, gülməli olardı.
Mən nə “Dəli Kür”ün sənədli deyil, tarixi roman janrında yazılmasına baxmayaraq ədəbi əsər olduğunu, nə rus Əhmədin Hacı Mahmud Əfəndinin prototipi olmadığını izah etmək niyyətindəyəm. Filoloq olan Həmid bunları məndən heç də pis bilməməlidir. Bircə onu demək istəyirəm ki, İsmayıl Şıxlı heç vaxt və heç bir halda sifarişli əsər yazmayıb və yaza da bilməzdi, çünki siyasi konyunktura kimi mərəzdən həmişə uca olub və ona uymayıb. Yoxsa o da Azərbaycanın problemlərinin səbəbini Paracanovun qara magiyasının boynuna yıxardı…
P.S. Cahandar ağa rus kazaklarıyla el-oba torpaqları uğrunda döyüşüb şəhid oldu, məmləkət “molla sadıxlar”a qaldı…

    04.05.2013

Xorla oxumaq mədəniyyəti
İki gün əvvəl Bakıda hamılıqla Ümumdünya Mətbuat Azadlığı gününü qeyd edirdik. Qeyd edirdik deyəndə söhbət heç bir bayram şənlikləri-filandan getmir. Bu sahədə bayram ediləsi bir şey də qalmayıb. Sadəcə olaraq hərə bir guşəyə çəkilib özü deyib, özü də eşitdi, çünki bizdə özgəsini dinləmək kimi bir vərdiş yoxdur. Hərçənd dinləyə bilmək üçün qarşındakını gərək eşitmək istəyəsən. Bu istəksə bizdə heç olmayıb.
Bu günlərdə böyük xanəndəmiz Xan Şuşinskinin həyat və yaradıcılığını özündə əxz edən saytın təqdimatında çıxışçılardan biri ustadın ifaçılıq məharətindən danışarkən birdən qayıtdı ki, Azərbaycan xalqında xorla mahnı oxumaq ənənəsi, mədəniyyəti olmasa da, onun fərdi ifaçılarına çatan yoxdur. Qəribə olduğu qədər də, millətin bir çox probleminin məhz bunda olduğunu bir daha sübuta yetirən müşahidədir. Çıxışçının sonrakı sözlərindən sezdim ki, o bizim bir millət kimi xorla oxuya bilməməyimizdə heç bir qəbahət görmür, əksinə, bunu üstünlük sayır. Bu yerdə milli jurnalistikamızın çox nurlu və dəyərli simalarından olan mərhum Hacı Hacıyevlə təxminən 20 il əvvəl Berlindəki bir söhbətimiz yadıma düşdü. Oradakı səliqə-sahman, təmizlikdən irəli gələn mədəniyyətdən danışanda mən də xoru bəyənməyən həmin o çıxışçı kimi dedim ki, almanların məişət mədəniyyətinin səviyyəsi yüksəkdirsə, bizim də Xaqani, Nizami, Nəsimi, Füzuli və daha kimlərimiz var. Rəhmətlik dünyagörmüş adam idi, gülümsünüb dedi ki, millətin mədəni səviyyəsi ayrı-ayrı, hətta dahi fərdlərlə belə ölçülmür. Qanun-qayda, səliqə-sahman ümumi mədəni səviyyədən asılıdır.
İndi deyəcəksiniz ki, söz azadlığından başlayıb keçdi xora, ordan da ümumi mədəni səviyyəyə. Yazımın əvvəlində qeyd etdiyim kimi, söz azadlığından danışdıq, amma hərə bir yanda. Eyni gündə və eyni zamanda sanki bir-birinin bəhsinə keçirilən iki tədbir oldu. Biri dedi söz azadlığı yoxdur, digəri bunun tam əksini əlində bayraq etdi. Beynəlxalq struktur və səfirliklərin nümayəndələri də xor mədəniyyətimiz olmadığından qalmışdılar odla-suyun, daha doğrusu, ”Ekselsior” oteliylə Beynəlxalq Mətbuat Mərkəzinin arasında. Bir sözlə, otaylı-butaylı həmkarlarım məndən inciməsin, amma bu tədbirlərin heç biri, təbii ki, mənim aləmimdə, bizi söz və mətbuat azadlığına bir zərrə qədər də yaxınlaşdırmadı. Hərə elə öz dediyini dedi, ortalığa bir əməli iş çıxartmadı. Çıxartmaq istəyənlərə də məhəl qoymadılar.
P.S. Hollivudun “Krallıq” adlı növbəti savaş filmində hadisələr hansısa bir ərəb ölkəsində cərəyan edir. Bu dəfə terror qurbanlarının arasında MKİ işçisi də olur və təbii ki, onun qanı yerdə qalmasın deyə MKİ “rəhmətliyin” dostları və həmkarlarından ibarət xüsusi qrup formalaşdıraraq ərəb krallığına göndərir. Qrup üzvü olan bir xanım dostlarının ölüm xəbərini eşidəndə hönkürür və heç cür özünü ələ ala bilmir. Bunu görən qrup rəhbəri onun qulağına nə pıçıldayırsa, xanım həmən toxtayır. Bu, filmin əvvəlində olur, sonunda isə MKİ qisasçıları terrorçubaşını evindəcə yaxalayıb öldürəndə bu dəfə onun balaca qız nəvəsi ağlayır. İndi də ölüm ayağında olan baba-terrorçu nəvəsinin qulağına nə isə pıçıldayır və qızcığaz göz yaşlarını silib sakitləşir. Filmin finalında paralel olaraq iki səhnə canlandırılır – birində amerikalı komandirindən, digərində isə anası qızından soruşur ki, sənə nə dedilər ki, toxtadın. Cavab heyrətamiz və eyni zamanda da faciəvi həqiqətlərdən xəbər verir: “Biz nəyin bahasına olursa-olsun, onların hamısını öldürəcəyik”. Film elə beləcə də bitir.
Allah bizi özümüzdən qorusun!

    08.05.2013

Narazı keçəllər
Dünən oxuduğum xəbərlərdən bir neçəsi, mənim aləmimdə, digərlərindən xeyli seçilirdi. Hadisələr ayrı-ayrı ölkələrdə baş versə də, diqqətimi onların daxili məğzi etibarilə bir-birinə oxşarlığı cəlb etmişdi. Söhbət siyasətçilərin əhalini bezdirdiyindən gedir. Yeganə fərq həmin siyasətçilərin cəmiyyətdən hansı asılılıqda olmasındadır. Çünki biri seçicisini vətəndaş, digəri isə təbəə sayır və özünü də buna müvafiq aparır.
Məsələn, Rusiya Baş Prokurorluğu ölkəsinin ən iri və tanınmış sosioloji təsisatı olan “Yuri Levada Analitik Mərkəzi”ni “xarici agent” olmaqda günahlandıraraq hüquq-mühafizə orqanlarını ora yoxlamalara yollayıb. “Corriere della Sera” qəzetinin müxbiri Luici İppolito yazır ki, “totalitar rejimlərdə rəqəmlərin qüvvəsi ideoloji dəyişkənliyə nüfuz edir ki, bu da 2011-ci il seçkilərində özünü Kreml partiyasının lehinə verilən səslərin seçki qutularındaca çoxalmasında göstərmişdi”. İndi isə vəziyyət dəyişib – rəqəmlər şuluq salır. Putini prezident görmək istəməyənlərin sayı, “Levada-mərkəz”in sorğularına görə, 55 faizə çatıb. Görəsən, bunun səbəbi nədədir? Cavablar müxtəlif ola bilər, amma Putinin gəldiyi nəticə birmənalıdır – günah rəqəmlərdə və onlarla bacarmayan “Levada-mərkəz”dədir. Elə buna görə də Kreml statistikanı nəzarət altında saxlamaq kimi “müdrik” bir qərara gəlib.
İkinci xəbər mənim sevimli Amerikamdandır. Deyim ki, orda da Obamanın işi fırıqdır. “La Stampa” qəzetinin müxbiri Paolo Mastrolilli ABŞ-ın “Reader’s Digest” jurnalının keçirdiyi sorğuya əsasən yazır ki, amerikalılar siyasətçilərdən daha çox, aktyorlara güvənirlər. Məsələn, 1099 respondentə “ölkənin başında kimi görmək istəyərdiniz” sualı verilib və qalib məşhur Hollivud aktyoru Tom Hənks olub. Ondan sonrakı yerləri isə yenə də aktyorlar Sandra Ballok, Denzel Vaşinqton və Meril Strip tutublar. Obama isə… 65-ci olub. Yaxşı ki, yanvarın sonunda keçirilən bu sorğu Rusiyada deyil, Amerikada keçirilib, yoxsa indiyədək Hənks bir yana, Hollivudun özünü də bağlatdırardılar. Amma orası Amerikadır. Belə olmasaydı, nə Ronald Reyqan prezident, nə də Arnold Şvartsenegger qubernator ola bilərdi. Onların həyatda da kinoda yaratdıqları qəhrəman obrazlarını yaşamaq imkanları olub və elə sorğudan da göründüyü kimi, hələ də var, bizimkilərdən fərqli olaraq…
Bizdə isə heç bir ənənəvi sorğu-filan keçirmək fikrinə düşən belə, deyəsən, yoxdur, çünki nə aktyorlarımıza güvənirik, nə də siyasətçilərimizə. Heç “Levada-mərkəz”imiz də yoxdur. Elə olmaması da yaxşıdır. Olsaydı, ”Ginnesin rekordlar kitabı”na düşmək imkanımız olmazdı. İndi isə əlimizə belə bir fürsət düşüb.
“Terrora yox” aksiyasında iştiraka görə həbs edilən gənclərin başı zorla lüvürtü qırxıldıqdan sonra vəkil Qurban Məmmədov onlarla həmrəylik nümayiş etdirərək saçını dibindən kəsdirib və iqtidardan narazıları da buna səsləyib. Onun fikrincə, bütün narazılar belə etsə, bu iqtidarı bəyənməyən insanların nə qədər olduğu bəlli olar. Qeyri-adi, hətta deyərdim ki, analoqu olmayan bir sorğu formasıdır, deyilmi?
Vallah, dahiyanə fikirdir. İndi kimin kim olduğu bəlli olacaq. Yoxsa nə var başını ülgüclə qırxdırmayıb narazı olmağa. Bədəbəddə qaçıb girəcəksən camaatın arasına və deyəcəksən ki, hamı necə, mən də elə. Bu da milli sorğumuzun nəticələrini doğru-dürüst hesablamağa imkan verməyəcək.
Rusiyanın da, Amerikanın da sorğuyla bağlı atacaqları addımlarının nədən ibarət olacağını bəri başdan söyləmək mümkündür. Məsələn, Tom Hənks ekranlarda göründümü, bilin ki, Amerikada Obamaya güvənənlərin sayı lap azalsa da, vətəndaşların ölkəyə güvəni elə necə yüksək idiysə də, elə də var.
Rusiyada isə “Levada-mərkəz”i bağlamasalar, bilin ki, rəqəmlərin qüvvəsi ideoloji dəyişkənliyə nüfuz edib, yəni rəqəmlər daha şuluq salmır. İnsanlara gəlincə isə onlar ya vətəndaş olmağı seçəcəklər, ya da elə təbəə olaraq qalacaqlar.
Bizə gəlincə isə… başımızı ya özümüz qırxası olacağıq, ya da qırxacaqlar.

    14.05.2013

“Qırğı balası”
Bu həftə diqqət mərkəzinə “dedovşina” ilə bağlı daha bir əcaib xəbər düşdü, amma bu dəfə “dedovşina”nın qurbanı əsgər deyil, məktəbli olmuşdu. Təəccüblənməyin, bu nə müəllim səhlənkarlığı, nə də savadsızlığıydı, əsl “dedovşina” idi. Söhbətin Sumqayıt məktəbindəki şagird ölümüylə nəticələnən hadisədən getdiyini, hörmətli oxucu, yəqin ki, anladı. Unudanlar üçün bir daha işin nə yerdə olduğunu qısaca xatırladıram. Dərsə gecikən 20-yə yaxın məktəblini dərs hissə müdiri özünün pedaqoq, məktəbinsə kazarma olmadığını unudub, sovet ordusunda hamının zəhləsi getdiyi əsl “praporşik” kimi cəzalandırmaq qərarına gəlib. Cəza isə ondan ibarət olub ki, məktəb “praporşiki” uşaqları başqa bir sinfin idman dərsinə gətirərək idman müəlliminə onları qaçırtdırmağı tapşırıb. Bədbəxtlikdən ürək xəstəsi olan 11-ci sinif şagirdi Azad İlyasov bu cəzaya dözməyib və dünyasını dəyişib. Allah ona rəhmət eləsin, valideynlərinə isə səbir və təpər versin. Böyük faciədir. Artıq məktəbin direktoru və “praporşiki” işdən azad edilib, prokurorluqsa cinayət işi açıb. Yəni bu hadisədə günahı olanlar qanuna uyğun şəkildə cəsasını alacaq. Amma bütün bunlar belə halların təkrarlanmayacağına zəmin yarada bilərmi?
Şübhəm var. İndi niyəsini izah etməyə çalışacam. Bunun üçün belə bir halın başvermə səbəblərini araşdırmaq lazımdır. İlk növbədə, dərs hissə müdirini nədən “praporşik” adlandırdığımı izah edəcəm. İzahı çox bəsitdir: predmetindən başı çıxan heç də hər bir müəllimə pedaqoq demək olmaz, çünki pedaqoq şagirdi cəzalandırmalı deyil, səhvini izah etməlidir ki, bir daha onu təkrar etməsin. Bu, məsələnin ən bəsit və üzdə olan tərəfidir. Problemin məğzinə vardığında isə işin daha qəliz olduğuyla üzləşirsən. Birincisi, müəllim atdığı addımın yanlış olduğuna görə deyil, bədbəxtlikdən şagirdlərdən birinin öldüyünə görə cəzalandırıldığından əmindir. Əslində, hamı – Təhsil Nazirliyi də, hüquq-mühafizə orqanları işçiləri də, elə ictimai fikir də bu qənaətdədir. Bax elə problem də bundadır. Və bu problemin adı insan qürurunun nə demək olduğunu unutmağımız, haqlarımızı bilməməmiz və hətta bilib də haqqımızı tələb etməyə cürət etməməmizdir. Çünki bizdə belə bir vərdiş yoxdur, biz ya bunu əvəzimizə kiminsə edəcəyini gözləyəcəyik, ya da haqq sözümüzün onsuz da qulaqardına vurulacağına öyrəndiyimiz üçün əlimizi yanımıza sallayıb müti bir görkəm alacağıq, çünki başqa cür olmayacağına inandırılmışıq. Belə olmasaydı, dərs hissə müdirinin ağlına bu cür əcaib pedaqoji priyoma əl atmaq gəlməz, direktor bu Sumqayıt Makarenkosunun adi bir hala çevrilmiş həmin “əyləncəsinə” göz yummaz və ən nəhayət, bir ləşkər həddi-büluğa çatmaqda olan gənc öz haqqını tələb edərdi. Tələb etsəydilər, Azad indi, yəqin ki, onlarla birlikdə olardı…
İkincisi, bu hal yeganə deyildir, əksinə, bizim üçün dünyanı bir qavrama tərzidir. Yadınızdadırsa, ilin əvvəlində müəllim-şagird münasibətləri ilə bağlı daha bir biabırçı hadisə baş vermişdi. Xoşbəxtlikdən o zaman ölüm-itim olmamışdı, sadəcə, direktor oğlan şagirdləri bütün sinfin qabağında, qızların gözü qarşısında şapalaqlayıb alçaltmışdı. Yaxşı ki, internet var – hadisənin üstü açılmışdı. Amma ən dəhşətlisi döyülən uşaqlardan birinin anasının sonradan telekameralara müəllimin hərəkətinə adi bir hal kimi baxdığını deməsi və buna haqq qazandırması idi. Bax budur problemin kökü! Bu münasibətlə biz vətəndaş tərbiyə edə bilərikmi? Məncə, bu sualın cavabı birmənalıdır – yox!
Bu yerdə yadıma bir hadisə düşdü. Yenə də milli mentalitetimizdən irəli gələn bir hadisədir. Qonşumuz balaca qızını bulvara gəzdirməyə aparıbmış. Qızcığaz həmyaşı olan digər qonşu uşağıyla oynayanda oğlan qızı itələyib yıxır və ağladır. Qızın anası əsl azərbaycanlı kimi övladını günahsız olduğu halda danlamağa başlayır və belə düşünür ki, qonşu oğlanın anası da balasını danlayıb qızları incitməyin yaxşı iş olmadığını söyləyəcək. Amma gözləmədiyi halda anasının qorxmuş oğluna ürək-dirək verərək “qırğı balasısan” deməsinin şahidi olur. Qonşu qızın anası söhbətini belə bitirmişdi: “Biz uşaqlarımızı döyə-döyə gözüqıpıq böyüdürük, özgə millətlərsə balalarına ürək-dirək verərək ”qırğı balasısan” deyə-deyə”.
Demə, oğlanın anası rusuymuş…

    24.05.2013

Milli herostratlar
Həmkarlarımdan biri bu yaxınlarda Sərdar Cəlaloğlunun Səməd Vurğunu, kiminsə Mirzə Fətəli Axundovu, kimininsə Cavanşir və Qaçaq Nəbini və daha kimlərinsə el arasında adları dillər əzbəri olanları bəyənmədiklərinə necə münasibət bəslədiyimi soruşdu. Sözün düzü, olmayan yerdə kimisə bütləşdirməyin, nə vaxtsa deyilənlərin doqmalaşdırılmasının həmişə əleyhinə olmuşam, eyni zamanda da düşünmüşəm ki, o insanlar illər öncə nə edib və nə deyiblərsə, yaşadıqları dövrün konyunkturasına uyğun olub və indi bizim onlar haqqında nə deyəcəyimiz barədə heç düşünməyiblər də. Guya biz bu gün oturuşumuza-duruşumuza yüz il sonra kimin nə qiymət verəcəyi barədə düşünürük? Hərə öz həyatını özünə və lap yaxınlarına görə qurur və yaşayır ki, bu da təbiidir. Bizim onlar barədə düşündüklərimiz onlara deyil, bizə lazımdır. Ona görə lazımdır ki, övladlarımızı düzgün tərbiyə edək, xalqın mərd, cəsur, namuslu nümayəndələrinin timsalında onlara vətəni sevməyi, torpaq uğrunda ölümə belə getməyi, böyük-kiçik münasibətlərini qorumağı, qadına hörmət və sevgini, ailənin nə demək olduğunu doğru-dürüst öyrədək. Axı heç də hamı Molla Pənah və ya Koroğlu olmur…
Hansısa çox müdrik adam deyib ki, əgər millətin qəhrəmanı yoxdursa, o qəhrəmanı mütləq yaratmaq lazımdır. Bəs biz nə edirik? Özümüz bivec ola-ola başlamışıq bu millətin uşaqlarımız üçün örnək ola biləcək nümayəndələrini aşağılamağa. Di gəlin hamını ağına-bozuna baxmadan gözdən salaq, görək nə olur? Bu milli müasir herostratların gücü yalnız ölülərin kölgələrini qılınclamağa, onların ruhunu narahat etməyə çatır. Bəs dirilərə necə, söz deməyə ürək edirlərmi? Çətin ağlım kəsir, axı dirilər cavab da verə bilərlər…
Bizim bu milli herostratlar nə millət, nə də öz uşaqları üçün örnək ola bilirlər, ola bilənləri də yamanlayırlar. Yəqin, elə buna görədir ki, millət müti və gözüqıpıq tərbiyə olunub, çünki övladlarımıza qırğı balası, qoçağım deməkdənsə, başıbatmış deyə-deyə böyütmüşük, qol-qanad açıb sərbəst düşünməyə, qərar verməyə öyrətməmişik.
Sonuncu “Eurovision-2013” dediklərimə sübutdur. İştirakçımız Fərid Məmmədov qalibdən azca geri qalaraq ikinci oldu. Sağ olsun, halaldı. Sevinməli bir məqamdı, amma o qalıb bir kənarda, bütün Azərbaycan indi itli-pişikli təxribatçı axtarışındadır. Dəridən-qabıqdan çıxırıq ki, bəs biz Rusiya nümayəndəsinə 10 xal vermişdik, Almaniyaya gedən yolda itib-batıb. Rusiyadakı səfirimiz bəyanat verir, xarici işlər nazirimiz rus həmkarıyla rəsmi danışıqlarda az qala Qarabağı unudub Rusiyaya məhəbbət izhar edir, İTV-nin yeni rəhbəri isə böyük bir qələt, yəni səhv edibmiş kimi cüssəsinə yaraşmayan mütiliklə millət adından az qala Rusiyadan üzr istəyir. Demə, Azərbaycan xalqı Rusiya nümayəndəsinə səs verməyə bilməzmiş. Elə buna görədir ki, Rusiya forin-ofisinin rəhbəri bizə hədə-qorxu gəlir. Nə baş verib axı? Bir millət olaraq nə günah işlətmişik? Bəlkə, Qarabağa hücum çəkib torpaqlarımızı ermənidən geri almışıq? Təəssüf ki, yox. Sadəcə, çaşıb Rusiyaya səmimi münasibətimizi onun mahnı müsabiqəsindəki təmsilçisinə səs verməməklə büruzə vermişik. Amma deyirlər ki, səslərimizi oğurlayıblar… Bu da azmış kimi, indi də Avropa mətbuatı Fərid Məmmədovun xalları fırıldaqla qazandığını yazır. Bizsə susuruq. Olmaya indi də qorxuruq?..
Belə çıxır ki, bizim gücümüz elə özümüzə çatır, özü də dirilərimizə yox, ölülərimizə.

    29.05.2013

“Son zəng”
Yaddaşımda iki ”son zəng” qalıb. Birincisinin mənə birbaşa aidiyyəti yoxdu, əslində, o kiminçünsə “son zəng” idi, mənimçünsə “ilk” idi. Məktəb on birinciləri yola salırdı, bizsə onların yerini tutasıydıq. O zaman, 1964-cü ildə məzunlar üçün bu son zəngin nə demək olduğunu başa düşmürdüm, başa düşə də bilməzdim (indi-indi başa düşməyə başlayıram). Bircə o yadımdadır ki, məktəbi bitirən qonşumuz şair Mirmehdi Seyidzadənin oğlu Elçin mənə kitab və rəngli karandaşlar bağışladı. Bilmirəm indi on birincilər birincilərə kitab bağışlayırmı?
İkinci “son zəng”sə artıq birbaşa mənim üçün idi. Məktəbi bitirirdim. Mən də, elə sinif yoldaşlarım da sevinirdik. Niyə də sevinməyəydik, indi həyatımızın yeni və zənnimizcə, ən gözəl mərhələsi başlayırdı. Düşünürdük ki, innən belə hər şey daha yaxşı olacaq, yəni qərar verməkdə tam müstəqil və sərbəst olacağıq. Eh, uşaqlıq…
Amma elə həmin gündə də qərar verəsi olduq. Əvvəlki yazılarımın birində “xorla oxumaq mədəniyyəti” barədə yazmışdım, yazmışdım ki, millət olaraq birləşib bir işin qulpundan hamılıqla yapışa bilmirik. Sinfimizdə ikitirəlik yaranmışdı – iki qrupa bölünüb haqlı-haqsız davasına çıxmışdıq. Elə ona görə də məktəbdəki mərasim bitər-bitməz hərə haqlı olduğuna tam inamla öz dəstəsinə qoşulub üz tutmuşduq bulvara. Amma özümüzü tox tutmağa çalışsaq da, canımızın yarısı o biri dəstənin uşaqlarının yanında qalmışdı. Elə bulvara çatandan da gözümüz onları axtarırdı. Hər şeyi burnumuzdan gətirmişdik – məktəbi bitirməyimizin kefini çıxara bilmirdik, çünki on il bir olan və bütöv bildiyimiz bir şeyi öz əllərimizlə parçalamışdıq…
Az sonra üz-üzə gəldik. Yol biriydi, yandan ötüb-keçmək mümkünsüzdü. Qərar qəbul etmək, seçim etmək lazımdı. Bəlkə də, bir çoxumuz həyatının ilk ciddi mənəvi qərarını qəbul etməliydi. O zaman bəxtimiz gətirdi, düzgün qərar verdik – bir-birimizə baxıb sözləşmədən qarşıdakılara əl uzatdıq və əlimiz havada qalmadı, “son zəng”in münasibətlərimizin sonu olmağına imkan vermədik.
Bu gün, yəni bu yazını yazdığım gün də məktəblərdə “son zəng”dir. On birincilər sevinir, çünki qarşılarında yeni həyat, yeni imkanlar açılır. Hamı planlar qurur – universitetə girmək, oranı bitirmək, işə düzəlmək, nə bilim ailə qurmaq və daha nələr-nələr.
Televiziya kanallarındakı reportajlara yoldaşımla birlikdə baxırdıq. Hərə öz aləmində idi. Birdən yoldaşım dedi ki, gör uşaqlar bir-birinə nə arzu edir? Nə demək istədiyini az sonra anladım. Hamı bir-birinə və özünə yalnız və yalnız universitetə daxil olmağı arzulayırdı. İndi deyəcəksiniz ki, burda nə var axı? Gözəl və normal bir arzudur. Tamamilə razıyam. Elə biz də vaxtilə bir-birimizə ali məktəbə daxil olmağı arzulayırdıq. Elə daxil olduq da, amma heç də hamımız adam ola bilmədik. Bunu bu gün “son zəng” günü dərk etdim. Vaxtilə “son zəng”də bir-birimizə adam olmağı da arzulasaydıq, indi həyatımız, ətrafda baş verənlər və ətrafdakılardan bir xeyli razı olar və indi “son zəng”in kiminçünsə “əcəl zəngi”nə çevriləcəyindən qorxmazdıq.
Adam olmaq arzusu və ümidləriylə “ZƏNGİN” mübarək, millət!

    05.06.2013

“Son çağrı”
Arif Əliyevin peşəkar jurnalist olduğunu bilənlər, yəqin ki, onun roman-reportaj üslubunda bədii əsər yazdığını eşidəndə öz-özlərinə ”bu elə məhz jurnalistin müraciət etməli olduğu bir janrdır” deyiblər. Bəlkə də, bunda bir həqiqət var, çünki yazıçılar arasında o qədər də geniş yayılmamış bu yazı üslubunun özünəməxsus üstünlükləri və bəzən də mübahisə doğuran özəllikləri vardır. Ən ilkin və dəqiq jurnalistika janrlarından olan reportajda, adətən, müəllif fikri arxa planda qalır və oxucunun diqqəti quru faktlara yönəldilir. Müəllif mövqeyi, janrın tələblərinə görə, hardasa itib-batır, çünki jurnalist guya tərəfsiz olmalıdır. ”Euronews” kanalının məşhur “No comment”, yəni “şərhsiz” reportajları söylənənlərə gözəl illüstrasiya ola bilər.
Belə bir fikir var ki, jurnalisti klassik yazıçıdan fərqləndirən əsas məqamlardan biri onun faktlarla işləmək vərdişinin bədii təxəyyülü üstələməsi, təsvirlərinin canlı deyil, qəzet üslubundan irəli gələn quruluğudur. Bununla razılaşmaq da olar, olmamaq da. Məsələn, jurnalistikanın, mənim aləmimdə, dünyaya bağışladığı ən böyük və parlaq yazıçılardan olan Ernest Heminqueyin əsərlərinin böyük əksəriyyəti avtobioqrafikliyi, həyatiliyi ilə seçilir və gerçək faktlar yazıçının daxili aləminin süzgəcindən keçərək oxucuya təqdim olunur. Yazıçı ustalığı oxucunu az qala özünü hadisələrin bilavasitə iştirakçısı kimi hiss etməyə vadar edir, çünki təsvir olunanlar faktoloji cəhətdən reportaj qədər doğru, təsvirlərsə sünilikdən uzaq olduğu üçün həyat kimi sərt, eyni zamanda gözəl və tanışdır. Elə buna görə də Heminqueyin təsvir etdikləri heç kimdə şübhə doğurmur.
Arif Əliyevin “Son çağrı”sını oxuduqca müasirlərimizin bir qismi özünü tanıyacaq, bir qismi görüb-eşitdiklərini bir daha xatırlayacaq, gənclərsə həmin hadisələrin şahidi olmuş böyüklərindən nəyin “reportaj”, nəyinsə yazıçı təxəyyülünün məhsulu olduğunu ayırd etməyə çalışacaqlar. İstənilən halda “Son çağrı”nın kimisə biganə qoya biləcəyinə inanmıram.
Əsəri oxumağa başlayanda, adətən, onun adına fikir vermirəm, daha doğrusu, məğzinə varmıram, çünki söhbətin nədən getdiyini, müəllifin adla əslində nə demək istədiyini öyrənmək üçün əsəri oxumaq lazımdır. Ona görə də Arif Əliyevin romanının adını “Son çağrı” qoymaqla nə demək istədiyi barədə düşünməyə lüzum görmədim. Bir yandan da əslində Azərbaycan türkcəsində belə bir ifadə yoxdur, hər halda, son zamanlaradək bunun nə demək olduğunu çoxumuz bilmirdik.
“ – Dilləri bizim dilə çox oxşayır. Amma qəribə sözləri var: “yolçu”, “çağrı”…
– “Yolçu”, yəni yol adamı, sərnişin, “çağrı”, yəni çağırış. Bilirsən, mənim bu ifadədən çox xoşum gəlir: “Son çağrı”. Gözəl deyimdir, onda faciəvi bir aydınlıq var”.
Bu, əsərin iki qəhrəmanının, daha doğrusu, baş qəhrəmanın öz-özüylə söhbətindən bir parçadır. Müəllif əsəri roman-reportaj janrında yazsa da, “Son çağrı” bədii təxəyyüldən irəli gələn fantasmaqorik bünövrəyə söykənir. Yəni bu reportaj dediyimiz romanı iri və pərli-budaqlı ağaca bənzətsək, onun gövdəsi özəyində baş qəhrəman Asif və onun mənindən irəli gələn daxili dünyasının mentoru balaca Asifdir. Fantasmaqorik bir metoda əl atan müəllif, zənnimcə, çox maraqlı bir ədəbi priyomdan istifadə edib. Böyük Asif gerçək həyatı yaşayır, romanın reportaj hissəsini yaradır, balaca Asifsə, yəni onun uşaqlıqdan gələn özü, hələ saf, pak, həyat çirkabına bulaşmayan bir növ vicdanı, böyük Asifin bütün həyatı boyu yolunu azmasın deyə qulağında sırğa olan kiçik zəngi, həddini aşdığında isə son çağrısıdır. Asif prezidentin mətbuat katibi işləyəndə və dünyanı vəzifə kabinetinin pəncərələrindən baxaraq yanlış qavramaq təhlükəsi ilə üzləşəndə balaca Asif məhz həmin pəncərədən həyat həqiqətlərini elə özü kimi çılpaqcasına içəri gətirir, növbəti dəfə xəbərdarlıq edir. Xəbərdarlıqların sayı isə məhduddur. Əslində, Asif həyatı boyu öz məninə xəyanət etmir, insan kimi, vicdanının əmri, ətrafı və yaxınlarının dincliyini düşünərək hərəkət edir. Amma həyat amansızdır, nə qədər öz məninə xəyanət etmədən yaşamaq istəyirsənsə, bir o qədər də əziyyət çəkirsən, düşünürsən ki, doğrudanmı insanlar özlərinə düşmən kəsildiklərinin fərqində deyillər? Onları oyatmağa, özlərinə gəlməyə çağırırsan. Alınırmı? Səni eşidən olurmu? Dediklərin və etdiklərin kimisə düşündürürmü? Ümumiyyətlə, bu kiməsə lazımdırmı? Bu sualları hərə bir cür anlayır və ona görə də hərənin özünə görə cavabı olur. Bir çoxlarınınsa ağlına heç belə suallar da gəlmir və ona görə də onların yanına nə “balaca mənləri” gəlir, nə də hədlərini aşdıqlarını bildirən olur… Elə beləcə də bu dünyadan nəyə gəlib nəyə getdiklərini bilmədən gedirlər. Bəlkə də, elə onlardır ən xoşbəxt insanlar, çünki onlar son çağrılarını duymadan gedirlər bu dünyadan, amma əsəri oxuduqca anladım ki, hərənin mütləq öz balaca, saf və çirkaba bulaşmamış “məni” var ki, onu heç cür itirmək olmaz, çünki itirsəniz, “son çağrınızı” duymaya bilərsiniz. Və belələrinin sayı çoxaldıqca son çağrılar böyük bir əcəl zənginə çevriləcək…
“Dəymə, oğul! Daha o mənə lazım deyil. İman – ürəkdə olur, şübhə başda.
Mən dikəldim. Biz qucaqlaşdıq.
Nəhayət, bildim ki, rahatlıq üçün adama nə lazımmış!”

    18.06.2013

Kabab yeyən toplum
Bu yaxınlarda oxudum ki, millət son 10 ildə balacalaşıb. Hündürboy azərbaycanlıların sayı bu müddət ərzində statistikaya gələcək dərəcədə azalıb. Keçən il millətin boyu ortalama 167,1 sm, kişilərdə 170,6 sm, qadınlarda isə 163,9 sm olub, yəni son 10 ildə boyumuz 0,5 sm azalıb. Abrımızı qadınların boy göstəriciləri örtür, yoxsa dünya üzrə ortaboylu xalqlar sırasına da düşə bilməzdik.
“ – Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız?
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı:
– Mərdlik! Cəsarət. Bəs siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözüqıpıq… Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır”.
Atam İsmayıl Şıxlının son romanı “Ölən dünyam”dan bir parçadır. Yazının əvvəlindəki xəbəri oxuyanda yadıma “Ölən dünyam”, bir də atamın danışdığı bir əhvalat düşdü. Dediyinə görə, ötən əsrin 27-29-cu illərində Qazağın Qaymaqlı kəndini rus-bolşevik ordusunun xüsusi cəza dəstələri tutub tərk-silah əməliyyatı keçirirmiş. O zamanlar başında papağı, altında atı və üstündə silahı olmayan KİŞİ yoxdu. Rus-bolşeviklərə isə KİŞİ lazım deyildi, çünki KİŞİ hər adama baş əyməz, bu isə hakimiyyət üçün təhlükəli idi. Ələlxüsus da məşhur Gəncə qiyamı və bütün Azərbaycanı bürümüş antibolşevik etirazlarından sonra. Ona görə də cəza dəstələri məmləkəti elbəel-kəndbəkənd gəzərək əhalini tərk-silah edirdi və bu proses qəddarlıq və məhkəmə-filansız “troyka”ların qərarıyla güllələnmələrlə müşayiət olunurdu. Bir sözlə, Qaymaqlı camaatı silahları təhvil verməyəndə bolşeviklər kişiləri sıraya düzüb ağına-bozuna baxmadan, xüsusən də boylu-buxunlu və itaətsizlik göstərənlərini Acı Dərə deyilən yerdə güllələyiblər. Və yalnız bundan sonra qadınlar silahları təhvil veriblər…
O günlərdən artıq az qala bir əsr ötüb. Maraqlıdır, görəsən, o zamanın Azərbaycan kişilərinin boyu nə qədər olub?
Bioloqların iddiasına görə, insan boyuna ölkədəki iqtisadi durum da xeyli təsir edir, yəni uşaqlar ta çağalıqdan keyfiyyətli qidalanırlarsa, boylu-buxunlu və sağlam böyüyürlər. Biologiyanın dəqiq elm olmasına baxmayaraq bu iddiayla tam razılaşa bilmirəm, daha doğrusu, KİŞİNİN KİŞİ OLMASI ÜÇÜN tək bir yaxşı yeməyin kifayət etdiyinə heç cür inana bilmirəm. Belə olsaydı, biz dünyanın ən hündürboy milləti olardıq. Çünki hələ bizim qədər kabab yeyən bir toplum görməmişəm.
“Onların nəsli kasıb dolanmışdı, amma heç kəsin qabağında əyilməmişdilər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusdur. Gərək təkcə öz namusunu yox, qonum-qonşunun, el-obanın da namusunu qoruyasan”.
Bunu da İsmayıl Şıxlı yazıb, “Namus qaçağı” hekayəsində. Dədə-babalarımız bu tərbiyənin yiyəsi olub.
Yüz il əvvəl şura hökuməti deyibən el-oba namusu, millət dərdi çəkən nə qədər ziyalı, oxumuş, savadlı insanımız vardı, hamısını qırdıq, sürgün etdik, nəslini, kökünü kəsdik, xalq düşməni elan etdik. Və bunu etdikcə də alçaldıq, kiçildik, özümüzə inamı itirdik və cılızlaşdıq. Səsimizi içimizə saldıq, boynumuzu çiyinlərimizə qısdıq və növbəti qapazın haradan gəlməsini dinşəməyə başladıq. Beləliklə, az qala bir ömür keçdi. 90-cı illərdə bir daha qalxdıq, rus-bolşevik ordusu Bakını yenidən işğal etdi, amma bir şey alınmadı, çünki o zaman millətin boyu 10 il bundan əvvəlkindən də hündürüydü. Bəs bu millətin boyu nə oldu ki, birdən-birə kiçildi? Kiçildi yazdım və düşündüm ki, bəlkə, alçaldı yazsaydım, daha düzgün olardı?
Bir sözlə, rusun başladığı, lakin axıra çatdıra bilmədiyi işi, deyəsən, özümüz bitirməkdəyik, kabab yeyə-yeyə salamat qalan tək-tük ziyalılarımızın, fərqli düşünməyə cürət etmiş gənclərimizin, qürurlu insanlarımızın başından basıb boyunlarını kiçilmiş millətin sıralarından yuxarı uzatmağa imkan vermirik. İmkan vermirik ki, böyümək istəyənlər böyüsün və ucalaraq ətrafa göz gəzdirib millətə sanballı söz desin. Ucalmaq, böyümək və hündürboy millətlər sırasına qatılmaq istəyiriksə, başımızı kabab dolu “boş qablardan” qaldırmalıyıq, yoxsa daha 10 il sonra bir az da balacalaşıb görəcəyik ki, Çapıq Əmrah düz deyirmiş, “kişilər yox olub, madyanlar qalıb”.

    27.06.2013

Mədəniyyəti ilə vidalaşan ölkələr
Keçən həftə “Die Welt” qəzeti Harri Kasparov və Sergey Quriyevin Rusiyadan baş götürüb getmələri barədə yazmışdı. Kasparovun kimliyini Azərbaycanda bilməyən çətin ki tapılsın. İstədik, istəmədik, bakılıdı. Özü də onun dünya çapında bir şahmatçı olmasında bu millətin böyük haqqı var. Bir sözlə, şahmat üzrə Bakıdan çıxan ilk və hələ ki yeganə dünya çempionudur. Rusiyada fəal siyasi fəaliyyətlə məşğuldur və keçənilki kütləvi etiraz aksiyalarının önündə gedənlərdəndi. Sergey Quriyevi isə Azərbaycanda heç də hamı tanımır. Bilməyənlər üçün deyək ki, Rusiya baş naziri D.Medvedevin məsləhətçisi və Rusiya İqtisadiyyat Məktəbinin rektoru olub. Günahı da bu yaxınlarda Mixail Xodorkovskiyə qahmar çıxaraq onun qeyri-qanuni həbs edildiyini deməsidir.
Qəzet yazır ki, əgər ölkəni belə adamlar da dabanına tüpürüb tərk edirsə, görün iş nə yerdədir. Məşhur “Levada mərkəzi”nin son sorğu araşdırmalarına görə, Rusiyanı hal-hazırda tərk etmək istəyənlərin sayı 22 %-ə çatıb. Halbuki böhranlı 2009-cu ildə belələrinin sayı cəmi 13 % idi. Amma bu faiz göstəriciləri heç də o demək deyil ki, həmin 22 % artıq köçə tam hazır vəziyyətdədir. Əslində, gethagetdə olanların sayı 1 %-dən artıq deyil. Bununla belə, bu 1 %-i rəqəmə çevirsək, görərik ki, 143 milyonluq Rusiya üçün bu hər il 1 milyondan artıq vətəndaş itkisi deməkdir.
Köçün güclənməsi Vladimir Putinin hakimiyyətə qayıdışından sonra başlayıb, çünki hakimiyyət kimdənsə qisas alırmış kimi bütün cəbhəboyu repressiya və təqiblərə başlayıb. Nəticədə əhali həyat səviyyəsi, qəliz iqtisadi vəziyyət, məmur özbaşınalığı və ən nəhayət, biznes mühitinin pisliyindən şikayətçidir. Köç edənlərin mütləq əksəriyyəti tələbə və sahibkarlardır. “Levada mərkəzi”nin rəhbəri Lev Qudkova görə, ekspertlər həyəcanla ölkədən “beyin axını”nın qarşısının alınmasından danışırlarsa, Kremldəkilər bunun heç də pis olmadığı fikrindədirlər, çünki ağıllı və çevik insanlar azaldıqca müxalifət və dissident hərəkatları da zəifləyir. Məncə, dəhşətdir. Lap Mixail Bulqakovun Şarikovunun sinizminə bərabər bir vəhşətdir. Şəxsi rahatlığını dövlətə və millətə qarşı qoyanlar vəzifə sümsükləri deyil, bəs nədir?
Qleb Pavlovski bu günlərdə “Lenta.ru” portalına verdiyi müsahibədə təxminən eyni məsələyə toxunaraq deyir ki, indi gördüyümüz öz mədəniyyəti ilə vidalaşan yeni Rusiyadır. O baş verənləri xəstəlik adlandırır və deyir ki, həmin xəstəlik nə faşizm, nə diktatura, nə də buna bənzər bir başqa şeydir. Bu daha dəhşətli mərəzdir, çünki cəmiyyət bu vəziyyəti rədd etmək əvəzinə ona rəvac verir.
Pavlovski yuxarıda adını çəkdiyimiz Quriyevi misal gətirir və onun tanınmış adam və ali məktəb rektoru olmasına baxmayaraq hökumət tərəfindən alçaldıldığını və heç kimin, hətta onun rektor həmkarlarının da cınqırını çıxartmadığından dəhşətə gəldiyini deyir. Cəmiyyətin belə halları yuxarıdan təzyiqlə deyil, öz istəyi ilə sükutla qarşılamasını həmin xəstəliyin nümunəsi kimi qavrayır.
Tanış mənzərədir, deyilmi? İvanov yerinə Məmmədov yazsaq, heç kimin ağlına da gəlməz ki, söhbət Azərbaycandan deyil, Rusiyadan gedir. Fərq bircə ondadır ki, bizim milli Pavlovskimiz yoxdur. Amma başını ümumi sıradan qabağa uzadıb boylanmaq istəyənlərimiz hələ ki var. Di gəlin görək, cəmiyyət onlara qahmar çıxdımı? Yox, çıxmadı. Nə Rafiq Əliyevə, nə Əkrəm Əylisliyə, nə Rüstəm İbrahimbəyova, nə Rasim Balayevə… Siyahını uzatmaq da olar. Cəmiyyət qalsın bir yana, onları heç həmkarları da müdafiə etmədi. Hətta toplumda Rasim Balayevə qarşı bir ikrah da yarandı ki, Nəsimimə, Babəkimə bax. Bunu orda-burda dedilər, ortalığa çıxmağa cürət etmədilər, unutdular ki, Rasim Balayev, sadəcə, aktyordur. Bir də onu unutdular ki, Nəsimini Nəsimi, Babəki Babək edən toplum olub, xalq olub. ”Nəsimi” filminin final səhnəsini xatırlasaq, görərik ki, onun yerinə dərisinin soyulmasına razı olanlar bir meydan qədər idi və Nəsiminin də bu günə qədər millətə örnək ola bilməsinin səbəbi onun xalqa inamından və canını da əbəs yerə fəda etmədiyi əminliyindən irəli gəlir. Bəs bizdə bu inam varmı? Yoxdur, çünki ADAM sosioloji xidmətinin 2012-ci ilin sentyabrında keçirdiyi sorğu nəticəsində məlum olub ki, respondentlərin 61,2 %-i Azərbaycanı həmişəlik, ya da müvəqqəti tərk etmək istəyir. Sizcə, belə bir cəmiyyətdə Nəsimi və ya Babək olmaq istəyən tapılarmı? Ritorik sualdır…
Belə görünür ki, Azərbaycan da, lap elə Rusiya kimi, öz mədəniyyəti ilə vidalaşır. Özü də bu vidalaşma artıq yuxarıdan gələn sifariş deyil, cəmiyyətin mahiyyətindən irəli gələn bir biabırçılıqdır. Ona görə biabırçılıqdır ki, cəmiyyət kimi bir məfhum nəyəsə vida edirsə, adətən, daha mükəmməl bir şeyə doğru mənən yüksəlmək üçün edir. Bizdə isə bunun heç bir ünsürü gözə dəymir.
Bu həftə, iyunun 26-da Milli Ordumuzun yaradılmasının 95 illiyini möhtəşəm hərbi paradla qeyd etdik. Ordumuzun təməlini qoyanlardan biri, bəlkə də, ən birincisi general Əli ağa Şıxlinski 1918-ci il fevralın 20-də Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: “Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. O, vətənin dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır.
Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu təəssüf etmədən onlarla vidalaşır. Özlərini düşünən mənasız adamlar ordunun işini artırmasınlar. Belə insanların heç bir dövlət xidmətində faydası olmayacaq”.
Təməlini qoyduğu ordunun təkcə parad həyatını deyil, gündəlik həyatını da görsəydi, qoca general, yəqin ki, hələ keçən əsrin əvvəlində dediyi bu sözlərin hələ də aktuallığını itirmədiyinə çox təəssüflənərdi…

    09.07.2013

Ərəb payızı
Misir ordusu hakimiyyəti ələ aldığını elan edər-etməz prezident Məhəmməd Mursi tərəfdarlarına səslənərək vəzifəsindən getmək fikrində olmadığını bildirdi və onları çevriliş edən orduya qarşı itaətsizliyə çağırdı və Təhrirə toplaşan əleyhdarlarıyla Adeviye meydanında kükrəyən tərəfdarlarını qarşı-qarşıya qoydu. Misir vətəndaş savaşı astanasındadır. Beləliklə, “ərəb baharı” rüzgarıyla hakimiyyətə gələn Məhəmməd Mursi elə xalq etirazları dalğasıyla da vəzifə kürsüsündən süpürülməkdədir. Əslində, bu bir hərbi çevrilişdir, amma ordu, millət ayağa qalxmasaydı, heç bir şey edə bilməzdi.
Bu gün Frensis Skot Fitsceraldın “Möhtəşəm Getsbi”sini bir daha oxuyub bitirdim. Personajların birinin həyatıyla bağlı söylədiyi adi bir fikir mənə tək bir Misirdə deyil, elə indi olduğum Türkiyə və Azərbaycanda da baş verənlərin tərifini verir – naşı sürücü yalnız digər naşı ilə qarşılaşanadək təhlükəsizlikdə ola bilər. Misirdə, deyəsən, artıq naşılar bir-birini tapıb.
“Ərəb baharı”nı dünyagörüşündən asılı olaraq hərə bir cür yozur. Məncə isə bu bir ictimai-siyasi formasiya dəyişikliyidir, amma təbii ki, həmin məfhumun klassik anlamında deyil. Bu halda söhbət həyat tərzlərinin toqquşmasından gedir. “Ərəb baharı”nın əsas kütləsini təşkil edən və bu prosesi doğuranlar, əsasən, Avropa ölkələrində təhsil almış, yaxud çalışmış və yaşamış gənc adamlardır. Onlar ya orada özlərinə iş tapa bilməyib vətənə dönənlər, ya da təhsil alandan sonra biliklərini ölkələrində tətbiq etmək həvəsiylə geriyə qayıdaraq nə öyrəndiklərinin, nə də özlərinin bir kimsəyə lazım olduqlarını anlayanlardır. Onlar nə geriyə qayıda bilirlər, nə də doğma məmləkətlərindəki kiflənmiş, konservativ, dəyişmək, yenilənmək istəməyən cəmiyyətdə yaşaya, çünki artıq “balonda gəzməyin” ləzzətini görüblər. Və bu kütlə kritik həddə çatanda küçələrə tökülüşərək meydanları doldurdu. İstəklərinə çatdılar, amma baş verənləri, avtoritar ölkə başçılarının əsl yarpaq tökümü başlasa da, nədənsə bahar adlandırdılar. Hərçənd Misirdəki hadisələr göstərir ki, uzunömürlü avtoritar rejimlər özlərindən sonra sistemli və konstruktiv müxalifət deyilə biləcək bir şey belə qoymurlar. Nəticədə həyatlarını yaxşılığa doğru dəyişmək istəyənlərin başına digər naşı və məhz bu keyfiyyətlərindən də irəli gələn yeni diktatorlar gəlir. Çünki onlar da həmin rejimin suyunu içiblər. Deyəcəksiniz ki, bəs bu inqilaba təkan verənlər nə üçün hakimiyyətə gəlmədilər? Cavab sadədir: çünki onlar ölkəni idarə etmək yox, ölkəni dəyişmək və öz istədikləri kimi sərbəst yaşaya biləcəkləri bir cəmiyyətdə olmaq istəyirlər.
Ərəb dünyasının, o cümlədən də daha yaxşı və təminatlı həyata can atan digər müsəlman ölkələrinin daha bir çətinliyi islamdan irəli gələn doqmatizmdir. Şəxsən mən islamı hər bir müsəlman üçün bir konstitusiya və bunun məntiqi davamı kimi həyat tərzi bilirəm. Amma iş orasındadır ki, doqmalarla əbədi olaraq yaşamaq mümkün deyil. Hər bir şey mükəmməlləşdirildiyi, yeni şəraitə uyğunlaşdırıldığı kimi, islam da bir inanc və həyat fəlsəfəsi kimi inkişaf etdirilməlidir, əks halda müsəlman dünyası müasir çağırışlara cavab vermək və yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkəcək və elə öz daxilindəcə onun dəyərlərinin daşıyıcıları olanların həyat tərzlərinin toqquşmalarına şahidlik edəcəkdir.

    12.07.2013

Yakudza
Sabah Mətbuat Şurasının VI qurultayı keçirilməlidir. Sabah yazmağımı səhv kimi qavramayın, çünki yazını qurultaydan bir gün əvvəl yazmağa başlamışdım. Nə vaxt bitirəcəyimi isə bilmirəm. Bəlkə də, onun son nöqtəsini qurultaydan sonra qoyacam. Hələliksə qurultay sabah olacaq…
10 il əvvəl Mətbuat Şurasının təsis qurultayında Azərbaycan Jurnalistlər Birliyinin sədri, ağsaqqalımız Hacı Hacıyev tədbirin Azərbaycan jurnalistlərinin qurultayı adlandırılmasına etiraz edib deyəndə ki, jurnalistlərin I qurultayı 1959-cu ildə keçirilib, rəhmətliyin sözünü elə içi mən qarışıq qəribçiliyə saldıq. Elə bilirdik ki, birinci elə özümüzük. Dünya-aləm olmayan yerdə tarixini qədimləşdirir, bizsə tərsinə edirik. Elə bütün işlərimiz kimi. Sabahsa heç kimə sübut edə bilməyəcəyik ki, Azərbaycan jurnalistlərinin I qurultayı 2003-cü ildə yox, 1959-cu ildə olub.
Bu ayın 22-də isə Həsən bəy Zərdabinin “Əkinçi”sinin 138 yaşı tamam olur. Həmin gün indi Azərbaycanda Milli Jurnalistika günü kimi çoxsaylı jurnalist təşkilatları tərəfindən elə o sayda da tədbirlərlə qeyd edilir və heç də hamı “Əkinçi”nin işıq üzü gördüyü həmin günün bayrama çevrilməsi ideyasının kimə məxsus olduğunu bilmir. Zənnimcə, ozamankı prezident Ayaz Mütəllibova ünvanlanmış 1991-ci il 11 aprel tarixli bu məktub hörmətli oxucunun marağına səbəb olacaq:
“Hörmətli prezident!
Ölkədə gedən demokratik prosesləri nəzərə alaraq Azərbaycan Respublikasının öz milli mətbuat gününü qeyd etməsi zərurəti meydana çıxmışdır. Bununla bağlı Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibliyi qərara almışdır ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin çıxdığı günü – iyulun 22-ni (1875) “Azərbaycan mətbuatı günü” kimi qeyd etsin. Azərbaycan Jurnalistlər İttifaqının İdarə Heyəti Sizdən xahiş edir ki, iyulun 22-ni rəsmi olaraq “Azərbaycan mətbuatı günü” elan edəsiniz.
Dərin hörmətlə,
Hacı Hacıyev
Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri”.
Və bundan sonra Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il fərmanı ilə 22 iyul Azərbaycan jurnalistikası günü elan edildi. Həmin fərmanın verilməsindən artıq 22 il ötür. Bunun özü də bir tarixdir. 138 illiyini qeyd etdiyimiz milli jurnalistikamızın peşə bayramı günü elan edilməsinin tarixi. Və biz də məhz bu son 22 ilin yükü və məsuliyyətini daşıyırıq. Bu 22 ilin məsuliyyəti ölkənin müstəqillik tarixinin yükü qədər ağırdır, çünki bu müstəqilliyi biz jurnalistlər yazmış, qələmə, lentə almışıq. Bu yükün altına girənlərin, təəssüf ki, heç də hamısı ona tab gətirə bilmədi. Həyat bir çoxumuzu ələdi – kimi sındı, kimi sınmamaq üçün peşədən getdi, kimi də ölümdən belə qorxmayıb həyatdan. Ətrafıma baxıb olub-keçənləri sanballayıram və təəssüf ki, keyfiyyət yox, kəmiyyət görürəm. Yeni texnologiya, ondan bas çıxaran gənclər, böyük maliyyə, enerji görürəm, amma ÜRƏK görmürəm. Və təəssüflənirəm, çünki ürəksiz jurnalistikaya inanmıram…
P.S. Bu günlərdə oxudum ki, yapon yakudza qruplaşmalarının ən qüdrətlilərindən biri olan “Yamaquçi-qumi” jurnal buraxmağa başlayıb. Səkkiz səhifəlik “Yamagichi-gumi Shinpo” nəşri yalnız qruplaşma üzvləri arasında yayılır və təşkilat üzvlərinin daha sıx birləşməsi məqsədini güdür. Demə, son illər yapon mafiozilərinin işləri heç də yaxşı getmirmiş. Yaponiyada yakudza, yəni cinayətkar olmaq istəyənlərin sayı hər il təxminən 7 min nəfər azalır. Nəşrin birinci səhifəsində klan başçısı Kenyiti Sinodanın QULDUR HƏMKARLARINA PEŞƏ DƏYƏRLƏRİ və ƏNƏNƏLƏRİNİN nə demək olduğunu izah edən yazısı çap olunub. Yapon mafiyasının qara günlərindən gileylənən quldurbaşı yakudzaları quldur biznesində daha kreativ olmağa çağırıb.
Adam bilmir gülsün, ya ağlasın. Bir tərəfdən çox sevdiyim Gündoğan ölkəyə görə sevinirəm ki, quldurların sayı azalır, digər tərəfdən də dilxor oluram ki, bu quldurların qəzetini buraxanlar da jurnalistdir, lap elə bizim kimi.
Mətbuatın gücündən yakudzaların da yararlanmaq istəyi onu göstərir ki, jurnalistika gücdür, amma bunun belə olduğunu, deyəsən, bizdən başqa hamı bilir.
Bayramınız mübarək, özünün qədrini və gücünü bilməyən həmkarlarım!(?)

    17.07.2013

Əyyaşlıq
“Frankfurter Allgemeine Zeitung” yazır ki, Kremlin içki içməyən sahibi Putin ölkəsində mübarizə etməyə yeni obyekt tapıb və bu mübarizənin ilk təzahürlərindən biri 13 ildir ki, vaxtilə şərabçılığın 100 illiyi şərəfinə 3 metr hündürlüyündə ucaldılmış gümüşü rəngli şərab şüşəsinin durduğu kürsiyyədən aşırılmasıdır. Demə, həmin “butılka” hökumətə spirtli içkilərlə mübarizə aparmağa imkan verməyən ən başlıca maneə imiş. Bununla belə, qanunvericilikdə də dəyişikliklər var. Məsələn, 125 rubla olan araq indi 175 rubladır. Deyilənlərə görə, Putin göz görə-görə içkinin ucbatından əldən gedən millətinə rahat baxa bilmir. Ola bilər, kim nə deyir ki…
Bu xəbəri oxuyanda yadıma bir əhvalat düşdü. Yox, mən heç də keçən əsrin 30-cu illərinin Amerika butlegerlərindən danışmayacam. Söhbət Qorbaçovun SSRİ-nin son illərində alkoqol əleyhinə başlatdığı kampaniyanın özündən də getməyəcək. Hərçənd həmin kampaniyanın nəticəsində Azərbaycanda üzüm deyilən meyvə az qala fəhlə-kəndlilərin qolçomaqlardan da betər sinfi düşməninə çevrilmişdi. Biz də ki SSRİ-nin hamıdan çox “içən milləti” kimi Kremldəkilərin xoşuna gəlmək üçün məmləkətdə nə ki üzüm bağları vardı hamısının axırına çıxdıq. Nə isə, bu başqa bir yazının mövzusudur.
O illər çalışdığım müəssisədə bir yəhudi oğlan işləyirdi. Çox savadlı adam idi və bir neçə xarici dil bilirdi. Özü də bütün yəhudilərə xas olan təbii ehtiyatlılıq ondan da yan keçməmişdi. Hər halda, bir söz deməmişdən əvvəl onu həm siyasi, həm ictimai, həm də dövlət maraqları baxımından özü və yaxınlarına xələl gətirib-gətirməyəcəyini sanballayıb sonra ağzından çıxarardı. Bilmirəm nədəndi, ya mənə inandığından, ya da baş verənlərin nədən irəli gəldiyini bildiyi üçün hər şeydən bezdiyindəndi, amma günlərin bir günü o, həmişəki kimi iş otağına girib tələsmədən paltosunu, sonra başındakı qulaqlı xəz papağı və onun altından adəti üzrə geydiyi çit təsəyi çıxarıb səliqəylə bükərək cibinə qoyar-qoymaz qayıtdı ki, bilirsən, bu ölkənin tarixi ərzində bundan əvvəl yalnız bircə dəfə “quru qanun” (suxoy zakon) tətbiq edilib ki, o da dünyanı lərzəyə salan 17-ci ilin oktyabr çevrilişi ilə nəticələnib. Zalımın ağzı elə bil falıymış. Bir neçə ildən sonra o boyda SSRİ dağıldı. Təbii, mən heç də demək istəmirəm ki, əvvəlcə Rusiya imperiyasını, sonra da SSRİ-ni yıxan içki olub, daha doğrusu, ona qoyulan qadağa. Sadəcə, rus “padşahları” ölkənin qara günə düşməyinin əsas səbəbini millətin içkiyə aludəçiliyində görürdülər, bəlkə də, camaatın diqqətini başlıca problemdən yayındıraraq, hirsini yalançı qayğıkeşliklə soyutmaq istəyirmişlər. Hər halda, əvvəl-əvvəl buna inanıb içkinin daşını atan millət az sonra bununla həyatlarının yaxşılaşmadığını anlayıb dərdini araqda boğmaq üçün ayağa qalxıb.
Əslində isə heç də hər şey bu qədər bəsit deyil. Bəli, Rusiyada çox içirlər, özü də həmişə içiblər. Bunu ölkənin sərt qışıyla da, fiziologiyayla da, adət-ənənəylə də, daha nə bilim nələrlə də izah etmək olar. Amma, zənnimcə, problem bunda deyil, çünki başqa millətlər də içir, hətta müsəlman ölkələrində də içirlər. Problemsə ancaq Rusiyada, özü də dövlət başçıları tərəfindən qabardılır. Maraqlıdır, deyilmi?
Alman qəzeti daha sonra yazır ki, Rusiyada yaranmış orta sinif nümayəndələri ölkədəki milli əyyaşlıqdan uzaqlaşmaqdadır, çünki hamı kimi yıxılanadək araq deyil, yemək zamanı bir badə bahalı şərab içməyə üstünlük verirlər. Axı onlar əqli zəhmətlə, səliqə-sahmanlı şirkətlərdə, bir çox hallarda isə əcnəbi şirkətlərdə çalışmaqla pul qazanırlar. Sanballı şirkətlərdə işləyib yüksək maaş almaq istəyirsənsə, ilk növbədə, özünü və həyat tərzini dəyişməlisən. DEMƏLİ, MİLLƏTİN DƏRDİ HEÇ DƏ ƏYYAŞ OLMAĞINDA DEYİL, ƏYYAŞ OLMAMAQ ÜÇÜN ŞƏRAİTİN OLMAMASINDADIR. Bunun üçünsə dövlətdə azad iqtisadiyyat, ədalətli rəqabət şəraiti, süni inhisarların olmaması, qanunların işləməsi və çox demirəm, bir qədər də demokratiya gərəkdir.
Vaxtilə rus kraliçası Yekaterina deyərmiş ki, sərxoş milləti idarə etmək xeyli asandır. O vaxtdan Rusiya üsuli-idarəsində, ictimai-siyasi formasiyalar dəyişsə belə, mahiyyətcə heç nə dəyişməyib və Putinin də xalqın guya içməməsi üçün atdığı yalançı inzibati üsuli-idarəyə xas olan addımları onu göstərir ki, Kremlin sahibini əslində milli əyyaşlıq deyil, milli orta sinfin daha da güclənməsinə gətirəcək əsl iqtisadiyyatın yaranması narahat edir. Çünki orta sinif milli burjuaziya deməkdir, orta sinif demokratiyanın özəyi və dayağı deməkdir, orta sinif düşünən beyinlər, ziyalılar deməkdir. Onlarsa heç zaman natamam savada malik birisinin illərlə onların başının üstündə oturub ölkəni çalıb-talamasına imkan verməzlər. Belə olmasaydı, çekist Putin nə içki içən, nə də siqaret çəkən Navalnını 5 illik məhbəsə atdırmazdı.
Putin içkinin qiymətini artırmaqla onsuz da kasıblıqdan keyfiyyətli içki ala bilməyənləri daha ucuz və daha keyfiyyətsiz, çox zamansa insanı öldürə biləcək surroqatları içməyə vadar edir. Bir sözlə, millət kefindən deyil, səfalət içində olduğundan içir.
İndi mənə vaxtilə yəhudi iş yoldaşımın söylədiklərinin təsadüf olub-olmadığını gözləmək qalır…

    22.07.2013

Nifrət içində
1969-cu ilin iyulunda yazıçıların Krımdakı Koktebel yaradıcılıq evində dincəlirdik. O zaman 12 yaşım olsa da, həmin ay mənim yaddaşıma bir neçə hadisə ilə həkk olunub. İnsan ayağının Aya ilk və hələ ki sonuncu dəfə dəyməsi, Heydər Əliyevin Azərbaycan KP MK-ya I katib təyin edilməsi və 6 yaşlı erməni uşağının dedikləriylə. Bu yazımda nə Amerika astronavtı Nil Armstronqdan, nə də Heydər Əliyevdən söz açacam. “Əsərin” budəfəki qəhrəmanı 6 yaşlı erməni balası Arturdur. Bilirsiz niyə? Çünki o zaman məni nə insan övladının Aya ayaq basması silkələmişdi, nə də Heydər Əliyevin Azərbaycana rəhbər gəlməsi. Birinci hal olduqca maraqlı idi, hamımız televiziya vasitəsilə Armstronqun Aya enməsini izləmişdik. İkinci hadisə isə yalnızca atamın “Mən bu adamı tanıyıram” deməsiylə yadımda qalmışdı. O zaman həm uşağıydım, həm də SSRİ-də siyasət deyə bir şey olmadığına görə bunun nə demək olduğunun heç fərqinə belə varmırdım. İndi olsaydı, başqa məsələ. Bu günlərdə oxudum ki, Əhməd adlı 12 yaşlı bir misirli çocuq özünün və xalqının haqqını tələb etmək üçün Təhrir meydanına çıxıb. Amerikalı müxbirin mitinqdə nə etdiyini soruşanda balaca Əhməd az qala siyasi və iqtisadi platforma ilə çıxış edib və deyib ki, onun milləti hərbi xuntanı ona görə devirməmişdi ki, Mursi gəlib teokratik faşist diktaturası qursun. Nə isə, bu başqa bir yazının mövzusudu. İndi qayıdaq 6 yaşlı erməni balası Artura.
Çox suyuşirin uşaqdı. Yaradıcılıq evində millətindən asılı olmayaraq nə qədər yazıçı-şair vardı, hamısı Arturun ən azından başını tumarlamağı özünə az qala borc bilirdi. Əlqərəz, günlərin birində yaradıcılıq evinin yeməkxanasına nahara gəldiyimizdə həmin erməni uşağı əlində oyuncaq avtomat, öz-özüylə dava-dava oynayırdı. Atamın yanından naməlum düşmənlərini gülləyə tutaraq qaçanda kişi onu qucağına alıb soruşdu ki, bəs balaca, faşistlərimi öldürürsən? Atam II Dünya müharibəsi iştirakçısıydı. O qədər ölüm-itim, qəddarlıq və qan görmüşdü ki… Onu təəccübləndirmək çətin idi, amma bu balaca erməninin dedikləri kişinin qanını əməlli-başlı qaraltmışdı. Nə başınızı ağrıdım, Artur türkləri qırdığını demişdi. Atamın həmin an nə hislər keçirdiyini bilmirəm, bircə onu gördüm ki, möhkəm tutuldu və balaca ermənini ani olaraq qucağından aralayıb havaya qaldırdı və tezcə də özündən uzaqlaşdırdı. Ona yaxınlaşanda gördüm ki, kişiyə çırtma vursan, qanı çıxmaz, əl-ayağı hirsindən əsirdi. Mənə bircə onu dedi ki, “qırılmışlar, uşağın beynini indidən doldurublar ki, sənin düşmənin türkdür. Bu dəyirman hələ çox su aparacaq. Görəcək günlərimiz var”.
Gördük, hələ də görməkdəyik…
O vaxtdan düz 44 il ötüb. Atamsa 18 ildir ki, dünyasını dəyişib. O zaman həyatımın gözəl günlərini yaşadığımı indi-indi başa düşürəm. Dağ kimi atam, indi məzarını ziyarət etdiyimdə ruhunun belə mənə təbəssüm bəxş etdiyi anam vardı yanımda.
Dünən uşaqlarla üstünə getmişdim. İliydi. Gül-çiçəyi düzəndən sonra bir xeyli daşdan çapılmış üzünə baxdım, sonra da qəbirüstü kompozisiyanın elementi olan torpağa sancılmış kəlağayılı xəncərə… Dəfn günündə məndən soruşanda ki, sənə və qardaşına nə vəsiyyət edib, dedim ki, heç nə, amma bütün ömrü boyu deyir və dediyini də hər gün sübuta yetirərək göstərirdi ki, dostunuzu da, düşməninizi də tanıyın, amma heç vaxt NİFRƏTLƏ və NİFRƏT İÇİNDƏ YAŞAMAYIN, ADAM OLUN, KİŞİ KİMİ ÖMÜR SÜRÜN.
Elə buna görə də adam olub kişi kimi ömür sürməyə və nifrət içində yaşamamağa çalışıram, hərçənd çox çətindir, amma məcburam, çünki əks halda onun ruhu şad olmaz!

    30.07.2013

Meymunların qiyamı
Meymunların qiyamıÖtən həftə diqqətimi çəkən bir çox hadisələr baş versə də, ikisi baş verdiyi məkanlarda elan olunanlarla heç cür uyuşmur. Məsələn, Putin gah batiskafla Baltik dənizinin dibinə enir, gah da Tuva vilayətində balığa gedib 23 kiloluq durnabalığı tutur. Birini qoyub o birisinə keçim. Bu gün də oxudum ki, Belarus prezidenti Lukaşenko da vəcdə gələrək 30 kiloluq durnabalığı tutub. Əlqərəz, Putin prezidentliyinin kefini çıxartdığı bir zamanda ölkəsinin ən üzdə olan jurnalistlərindən biri, Rusiya Televiziya Akademiyasının ilk prezidenti Vladimir Pozner “Mən meymunlarla bir ölkədə yaşaya bilmərəm” deyib Fransaya mühacirət edir.
İkincisi də biz jurnalistlərə aiddir. Hamının başı Milli Jurnalistika gününə, daha doğrusu, jurnalistlərə dövlət hədiyyəsi olan binadakı mənzillərin bölüşdürülməsinə qarışdığı bir vaxt xanım həmkarımız Aysel Əlizadənin “Modern.az”dakı müraciətini oxudum. Yox-yox, o mənzil istəmirdi, əksinə, mənzilinin artırmasının abadlaşdırılma adıyla sökülməsindən gileylənirdi. Deyəcəksiniz ki, nə olsun, hamı necə, o da elə. Elə olmağına elədir – düz deyirsiz, amma mənə təsir edən Aysel xanımın “Mənə ev-zad lazım deyil, eyvanıma toxunmayın” deyibən gəldiyi nəticədir: “Bizi bu ölkədə doğulmağımıza peşman elədiniz, yazıqlar olsun”…
Müxtəlif ölkələrdə və birinin digərindən xəbəri olmadan deyilən iki, ancaq bənzər gerçəklikdən doğan və demək olar ki, eyni məna kəsb edən fikir. Pozner deyir ki, həmvətənləri hələ inkişafda olsalar da, insan həddinə çatmamış meymunlardır. Onların nə vaxtsa adam olacaqlarına inansa da, buna ömrünün çatmayacağına daha çox əmindir.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/elcin-sixli/sukutdan-sitat-68289937/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Sükutdan sitat Elçin Şıxlı

Elçin Şıxlı

Тип: электронная книга

Жанр: Современная зарубежная литература

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Sükutdan sitat, электронная книга автора Elçin Şıxlı на азербайджанском языке, в жанре современная зарубежная литература

  • Добавить отзыв