İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
Eşli Vans
Bu həyəcanlandırıcı kitab bir şirkət qurmağa, kosmik gəmilər inşa etməyə və Marsa getmək istəməyinizə kömək edəcək. Kitabın yeganə mənfi cəhəti İlon Mask olmadığınızı xatırladığınız an sizin qarşınıza çıxacaq.

Eşli Vans
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

© 2015 by Ashlee VANCE
© Altun Kitab MMC – 2018

Tərcüməçidən

    Dəlinin əməli şüurlu insanın xəyal gücünü geridə buraxar.
    Borxes, “Alef”
Hər şey kiçik qızımın ad günümə bu kitabı hədiyyə etməsi ilə başladı. İllərdir izlədiyim, haqqında neçə məqalə yazdığım bir dahinin irreallıqla sərhədləri zorlayan macəradolu bir həyat hekayəsi vardı qarşımda. Psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə xəstələrinə diaqnoz qoya bilirlər. Freyd həyatda olsaydı, İlon Mask haqda, kim bilir, nə deyərdi. Yaradıcı insan normaları alt-üst edən sərhədlərə yaxınlaşıb sonradan geriyə – reallığa dönür. Bəs Mask necə? Uzun zamandır yaratdıqlarını anlamağa çalışdığım bu dahi sanki o sərhədlərdən aramıza qayıtmır, əksinə, ürkdüyümüz, qorxduğumuz o sərhədlərdən daha da irəliyə – utopiya ilə gerçəyin sarmaş-dolaş olduğu bir xəyali dünyaya keçir. Kitab da elə onun ‘’Sizcə, mən dəliyəmmi?’’ sualı ilə başlayır…
Kitabı oxumağa başladığım günlərdə Mask gözlənilmədən Türkiyəyə gəldi, prezidentlə görüşdü, Atatürkün “Anıtkabir” mavzoleyini ziyarət etdi. Orada çəkdirdiyi şəklin altına Atatürkün bu sözlərini yazdı: “Əgər bir gün mənim sözlərim elmlə ziddiyyət təşkil edərsə, siz elmi seçin”. Sosial şəbəkələrdə Maskın Atatürkə verdiyi dəyər böyük rezonans doğurdu, gördüyü işləri onun möhtəşəm sözləri ilə taclandırdı. O gün kitabı Azərbaycan türkcəsinə tərcümə etmək haqda düşündüm. Bizim gənclərin də dünyanın çöhrəsini dəyişdirən fantastik layihələrin müəllifini tanımalarını istədim.

    Kitablar başqa yerlərdə olmaq istəyən insanlar üçündür.
    Mark Tven
“İnsanları xəyal qura bilməyən ölkədə elmin gələcəyi yoxdur” – tərcümə prosesində bu fikir beynimi sürəkli məşğul edirdi. İlonun mütaliə və kitab sevgisindən bəhs edən bölümlər məni heyrətə gətirirdi. Gündə 10 saat kitab oxumağı təsəvvür edirsinizmi? Ayzek Azimov, Robert Haynlayn və Artur Klarkın kitabları ilə böyüyən bir uşağın xəyal gücü də kainatın sərhədlərini, təbii ki, aşacaqdı. Karl Saqanın dediyi kimi, “Xəyal gücü bizi mövcud olmayan dünyalara aparır, amma o olmasa da, heç bir yerə gedə bilmərik”. Mask ilk kompüterinə 10 yaşında sahib olmuşdu. Sizin o yaşda kompüteriniz vardımı? 12 yaşında kompüter oyunu yazır, onu sataraq ilk qazancını əldə edir. Oyunun məğzi hidrogen bombaları ilə yad planetdən gəlmiş şüa aparatı olan kosmik gəmini məhv etməkdən ibarətdi. Balaca İlonun bu proqramı yazdığı vaxtda elmi-texniki ədəbiyyatda ”şüa aparatı’’ deyə bir şey yox idi.
Orta məktəb təhsili, mütaliə və xəyal qurmaq bacarığı – oxucu bunların əhəmiyyətini kitabın hər bölümündə hiss edir. Digər tərəfdən xəyal qurmaq da bir istedaddır və bu da Maskda yetərincədir. Oxuduğu kitablar onda bəşəriyyətin gələcəyinə fərqli, xüsusi bir baxış yaratdı. Tənəffüslərdə kartondan raket düzəldib uçurdan uşağın bir gün Marsda insan koloniyası qurmaq arzuları, dünyanın ən güclü raketini yaratması da bu gün təəccüb doğurmur. Çox sevdiyim bir kəlamda deyildiyi kimi, “Böyük xəyalların doxsan, kiçik xəyalların isə on faizi həyata keçir”. Mask hər zaman böyük xəyallar qurdu və qurmağa da davam edir.

    Quş kimi göydə uçar yerdəkilər, Bizi yerə gömdü minbərdəkilər.
    M.Ə.Sabir
Sosial şəbəkələrdə bizim məşhur alimlərdən birinin dediyi iddia edilən bir fikir tirajlanır: “Sinfinizdə pis oxuyan uşaqlarla dost olun, gələcəkdə sizə başçılıq edəcəklər”. Uşaqlarımızı belə absurd fikirlərlə oxumaqdan, təhsildən soyutmaq yolverilməzdir. Düşündüm ki, kitab bu sərsəm, cəfəngiyyat yanaşmanı alt-üst edəcək, təhsilin, elmin önəmini göstərəcək.
Eşli Vens kitabı yazarkən 300-dən çox insanla görüşüb, onların fikirlərindən istifadə edib. Nəticədə Maskın bilinən tərəflərindən başqa, onun xarakterindəki ziddiyyətlər, irqçi düşüncələri, zaman-zaman özünü göstərən qəddar idarəetmə metodları ortaya çıxıb. Bu baxımdan müəllifin əməyini təqdir etmək lazımdır. ABŞ-da kitabın bir neçə nəşri var və mən “Son söz”ü axırıncı nəşrdən tərcümə etmişəm. Burada müəllifi tanımaq olmur: ilk nəşrdəki Mask heyranlığı özünü qatı bir müxalifə buraxıb: tənqidlər, əsassız ittihamlar və s. Mask zatən dünyada birmənalı qəbul edilmir, amma müəllifin düşüncələrindəki belə radikal dəyişikliyi anlamaqda çətinlik çəkdim. Diqqətli oxucu da, əminəm ki, bunu sezəcək.
Kitabda İlonun qardaşı Kimballa bacısı Toska arxa planda qalıblar. Halbuki onlar da öz sahələrində uğurludurlar. Errol Mask kitabda despotik ata kimi verilib, adının mümkün qədər az çəkilməsinə çalışılıb. Mən orijinal mətnə sadiq qalmağa çalışdım, ancaq “Altun kitab”ın sahibi, gözəl dilçi-alim Rafiq İsmayılovla belə qərara gəldik ki, heç olmasa, kitabın şəkillər bölümünə “müdaxilə” edək. Və nəticədə orijinaldan fərqli olaraq ailə şəkillərini – atası, ilk arvadı Castin və b.-nın özəl şəkillərini tapıb altına kiçik mətnlər yazdım.

    Nəyi bilirəmsə, ona inanıram.
    Lüdviq Vitgenştayn
Yaxın keçmişə qədər Silikon Vadisinin ən kultlaşmış ismi Stiv Cobs idi. Ancaq modern gəncliyin “Texnoloji Buddası” sayılan Maskın şöhrəti artıq onunkunu çoxdan keçib. Bildiklərinə inanan bu iki dahini tez-tez müqayisə edirlər. Stiv Cobs kompüterin modern dünyadakı yerini dəyişdi, onu kiçildərək mobil telefona sığdırdı. Mask isə dünyanı dəyişməyə çalışır – Marsda insan koloniyası qurmaq, aerokosmik sənaye tarixinin ən güclü raketini kosmosa göndərmək, yenidən istifadə olunan daşıyıcı raketlər, bərpa olunan enerji, elektromobillər, vakuum dəmir yolu xətti, süni intellekt və kosmik internet.

    Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
    Gah enərəm yer üzünə, seyr edər aləm məni.
    Nəsimi
Kitab ABŞ-da satışa çıxarılanda nə Tesla Model S, nə də Model 3 elektromobilləri çıxmışdı, Falcon Heavy-nin kosmosa göndərilməsi isə sual altında idi. Nəşrdən sonra Maskın planları bir-bir reallaşmağa başladı. Tərcümə bitəndə isə tarixin ən böyük raketi – 27 motorlu Falcon Heavy uğurla kosmosa göndərildi. “Mask və kosmik internet” bölümündə bəhs edilən qlobal şəbəkə infrastrukturunun əsası isə əlinizdəki kitabın nəşrindən bir neçə gün öncə qoyuldu. Dünyanı vahid internet sisteminə bağlamaq, interneti uzaq bölgələrdə də yaymaq üçün Mask başgicəlləndirici bir meqalayihəyə start verdi. 2019–24-cü illər arasında SpaceX kosmosa 4425 ədəd internet paylayıcı peyk göndərəcək. Bunların ilk 2 peyki 22 fevral 2018 tarixində kosmosa buraxıldı. 5 il ərzində ortalama hər həftə bir raket buraxmaq lazım gələcək. Böyük Səhradan Sibirin ucsuz-bucaqsız torpaqlarına, Himalay dağlarının zirvələrindən Papua-Yeni Qvineya cəngəlliklərinə qədər hər yerdə fasiləsiz internet olacaq. İlon Mask “Bəşəriyyətə format atdı” – kainatın fəthində yeni bir mərhələ başlayır.

    Göydə bir bitməyən dərinlik var
    Ki, donar hər düşüncə heyrətdən.
    H.Cavid, “Dəniz tamaşası”
Tərcümə əsnasında tez-tez Qustav Malerin 5-ci simfoniyasını dinləyirdim. IV hissədəki Adajiettodakı dərin lirizm insanı içindən qoparıb Mask kimi başqa dünyalara aparır. Zatən Malerin musiqisi də heç bu dünyanınkı deyil. Kədərli notlarla başlayır simfoniya, getdikcə Maler o məşhur lirizmini işə salır və arfa təlatümün arxasınca qaranlığın içindən günəşi çıxarmağa çalışır sanki. Buradakı həsrət, acı, iztirab o qədər dərin və təsirlidir ki, insanın daxilini param-parça edir. Musiqini irəliyə aparmaq yerinə Maler tərəddüd edir, geriyə, başdakı akkordlara qayıdır, major və minor bir-birinə qarışır. O ürpədici musiqi qərar verə bilmir – qaranlıqdamı qalsın, yoxsa işığamı can atsın.
İlon Mask isə Malerdən fərqli olaraq tərəddüd etmir – bəşəriyyəti qaranlıqdan çıxarıb işıqlı bir gələcəyə aparmaqda qərarlıdır. Bu kitabın ana dilimizdə nəşrindəki əsas məqsəd də bizim övladlarımızın ümumbəşəri layihələrdə ön sıralarda olmalarını görməkdir.

    İbrahim Nəbioğlu,
    27.02. 2018, su çərşənbəsi,
    İstanbul

1. İlonun dünyasi
“Sizcə, mən dəliyəmmi?”
İlon Mask bu sualı mənə Silikon Vadisindəki axşam yeməyində vermişdi. Hər zaman olduğu kimi, görüşə gecikirdi. Mən restorana ondan öncə gəlmiş və bir cin-tonik sifariş verib oturmuşdum. On beş dəqiqə sonra gəldi. Ayağında dəri ayaqqabı, üstündə dama-dama köynək və cins şalvar vardı. Boyu 1.83 olsa da, tanıyanlar onun daha iri göründüyünü deyirlər. Enlikürək, cüssəli və sağlam bədənə sahibdi. İçəri girəndə düşünürsən ki, cüssəsini xüsusi nümayiş etdirib Alfa erkəyi[1 - Alfa erkəyi – özünəarxayın, xarizmatik və lider tipli kişi – İ.N.] kimi yeriyəcək. Ancaq bunun yerinə utancaq birini görürsən. Masaya tərəf başı azca öndə yeriyərək yaxınlaşdı, əlimi tez sıxıb yerinə oturdu. Maskın ətrafa isinib özünü rahat hiss etməsi üçün daha bir neçə dəqiqəyə ehtiyacı vardı.
Mask məni axşam yeməyinə müxtəlif mövzularda danışmaq üçün dəvət etmişdi. 18 ay öncə onun haqda kitab yazmaq istədiyimi deyəndə mənimlə bu məsələdə əməkdaşlıq etməyəcəyini söyləmişdi. Rədd etməsi mənə toxunsa da, qəzetçi inadım qamçılanmışdı. Qoy elə olsun dedim, bu kitabı onun yardımı olmadan da yazaram. Əvvəllər Maskın şirkətlərində çalışmış bir çoxları ilə münasibətim vardı. Onun bəzi dostlarını isə zatən tanıyırdım. Aylar bir-birini əvəzlərkən 200-ə yaxın insanla görüşüb məlumatlar topladım. O arada Mask mənimlə yenidən əlaqə yaratdı. Evimə telefon açaraq iki alternativdən birini seçəcəyini söylədi – ya həyatımı zəhərə çevirəcək, ya da layihəmdə mənə yardım edəcəkdi. Kitabı çapa getməzdən əvvəl oxuyacaq və qeydlər edəcəkdi. Əgər mən o qeydləri qəbul etsəm, əməkdaşlığa razılaşacaqdı. Yazdığım mətnə qarışmayacaq, səhv olduğuna inandığı xüsusları düzəltməyimi tələb edəcəkdi. Bunun səbəbini anlayırdım – Mask həyat hekayəsini şəxsi nəzarətinə götürmək istəyirdi. Ruhən o, alimdi və faktları təhrif etmək onu özündən çıxarırdı. Kitabın çapından sonra üzə çıxan hər hansı bir yanlışlıq onu sonsuza qədər incidərdi. Məntiqini anlayırdım. Lakin kitabı çapdan öncə oxumasına peşə etikası baxımından izin verə bilməzdim. Maskın öz həqiqətləri vardı, ancaq onlar heç də hər zaman başqalarının həqiqətləri ilə üst-üstə düşmürdü. Ən sadə suallara belə lüzumsuz, uzun cavablar verməyə meyilli idi. Onun otuz səhifəlik qeydlərinə ehtiyacım yoxdu. Buna baxmayaraq axşam yeməyində görüşüb bütün bunları müzakirə etməyə qərar verdik.
Görüşümüz PR-çıları müzakirə etməkdən başladı. Mask ictimaiyyətlə əlaqələr şöbəsində işləyənləri tez-tez dəyişməkdə ad çıxartmışdı və Tesla üçün yeni PR müdiri axtarırdı. Özünəxas bir əda ilə “Dünyadakı ən yaxşı PR müdiri kimdir?” deyə sordu. Daha sonra söhbət ikimizin də tanıdığımız Hovard Hyuz (Howard Hughes)[2 - Hovard Robard Hyuz (ing. Howard Robard Hughes, 1905–1976) – amerikalı iş adamı, mühəndis, aviasiya pioneri, aktyor, rejissor, prodüser; “Hughes Aircraft”, “AirWest”, “Hughes Helicopters”, “TWA” kimi şirkətlərin sahibi; yığılan şassi, radionaviqasiya, avtopilot və b. mühəndis yeniliklərinin yaradıcısı – İ.N.] və Tesla zavodundan düşdü. Mask sifarişləri qəbul etməyə gələn ofisiantdan saxladığı pəhrizə uyğun azkalorili karbohidratlı yeməkləri soruşdu. Siyah kalmarla hazırlanmış lobster sifariş verdi. Söhbətimiz hələ başlamamışdı, Mask yeməyini yeyirdi. Gecələri onu yatmağa qoymayan böyük qorxusunu danışmağa başladı: Google şirkətinin qurucusu Larri Peycin (Larry Page) süni intellekt sahəsindəki çalışmalarından ehtiyat edir, robotların insan irqini məhv edəcəklərini deyirdi.
“Həqiqətən də, əndişəliyəm’’ dedi. Peyc yaxın dostu idi, onun xoşniyyət insan olduğunu deyirdi. Amma bu, Maskı rahatlatmağa yetərli deyildi. Robotlar insan həyatını asanlaşdıracaq deyə Peyc nikbindi. Mask: “Mən isə nikbin deyiləm. Peyc istəmədən şeytani bir şey yarada bilər’’ – dedi. Yemək gələn kimi boşqabındakıları tez yeyib bitirdi. Yemək demək doğru olmazdı, elə dişlədi ki, yemək bir andaca ortadan qeybə çəkildi. Maskı mutlu edib danışdırmaq üçün boşqabımdan böyük bir parça bifşteksi ona verdim. Planım işə yaradı, amma sadəcə doxsan saniyəliyə. Böyük ət parçasını da bir anda aşırtdı.
Maskı bədbin olduğu süni zəka mövzusundan öz məsələmizə gətirmək bir az zaman aldı. Kitab haqda danışmağa başladıq. Məndən onun haqda yazmaq istəyimin səbəblərini və niyyətimi öyrənməyə çalışırdı. Bir qədər gözləyib söhbətə nəzarəti əlimə aldım. Bədənimdə toplanan adrenalin cin-toniklə qarışdı və mən kitabı yazmaq səbəblərim haqda düz 45 dəqiqəlik bir monoloq söylədim. Maskdan çox şərt qoymadan izin verməsini gözləyirdim. Onun qeydləri və məni sürəkli nəzarətdə saxlamaq istəyi jurnalist kimi etibarıma kölgə salacaqdı. Nə qədər təəccüblü də olsa, Mask sözümü kəsib “Tamam” dedi. Demək ki, Mask öz fikrini müdafiə edən, əzmli və inadkar insanları sevir. Əvvəllər onlarla qəzetçi Mask haqda kitab yazmaq üçün ona müraciət etmiş, “Yox” cavabı alınca da itaət edərək taleləri ilə barışmışdılar. Fəqət Maskın rədd etdiyi insanlar içində tək mən inadla israrlarıma davam etmiş və bu da, görünür, onun xoşuna gəlmişdi.
Axşam yeməyi Maskın azkalorili karbohidrat pəhrizini pozması ilə bitdi. Ofisiantlardan biri halva deserti gətirdi və Mask əlləri ilə onu yeməyə girişdi. Artıq anlaşmışdıq: Mask mənə şirkətlərindəki müdirləri, dostları və ailə üzvləri ilə əlaqə qurmağa icazə verdi. Kitabı yazdığım müddətdə ayda bir dəfə axşam yeməyində mənimlə görüşəcəkdi. Mask ilk dəfə idi bir jurnalistə həyatına girməyə izin verirdi. İki saat yarım sürən yemək bitmək üzrə idi. Mask əllərini masanın üstünə qoyub qalxmaq istəyirdi ki, birdən dayandı, gözlərimin içinə baxaraq o inanılmaz sualı verdi: “Sizcə, mən dəliyəmmi?’’ O anda çaşıb-qaldım, bu sualın tapmaca olub-olmadığını düşünürdüm, odur ki, ağzımı açıb danışa bilmədim. Bu sualın mənim üçün deyil, Maskın özü üçün olduğunu sonralar anlayacaqdım. Əslində, cavabımın önəmi də yoxdu. Mask yenə duruxdu, yüksək səslə mənim güvəniləcək adam olub-olmadığımı sordu. Qərar vermək üçün gözlərimin içinə baxırdı. Bir-birimizin əlini sıxdıq və o, qırmızı rəngli Tesla Model S avtomobilinə minib uzaqlaşdı.
İlonun dünyası ilə tanışlığa Kaliforniyada, Hotornda (Hawthorne), Los-Anceles beynəlxalq hava limanından bir neçə mil məsafədəki SpaceX mərkəzindən başlamaq lazımdır. Maskın iş otağına gedən yolda ziyarətçilər yan-yana asılmış iki nəhəng Mars fotosu ilə qarşılaşırlar. Soldakı fotoda Mars bu gün olduğu kimi verilib – soyuq, səhra və qızılı rəngdə, sağdakında isə Mars artıq okeanlarla əhatə olunub və yaşıllıqlar içindədir. Planetin temperaturu artırılıb və insan həyatına uyğunlaşdırılmış hala gətirilib. Maskın məqsədi də buna nail olmaqdır. Marsda insan oğlu üçün kosmik koloniyalar qurmaq İlon Maskın həyatının mənasıdır. O bu haqda belə deyir: “İnsanlığın parlaq bir gələcəyə sahib olduğunu düşünərək ölmək istərdim. Əgər bərpa olunan enerji (Günəş, külək, dalğa, su və b. mənbələrdən alınan enerji – İ.N.) problemini çözsək və başqa bir planetdə mədəniyyət qurub bir yox, bir neçə planetdə yaşamaq bacarığına nail olsaq, bu, həqiqətən də, çox yaxşı olar’’.
Maskın söylədiyi, ya da gördüyü işlər bəzilərinə ağlasığmaz gəlirsə, bunun səbəbi elə onların ağlasığmaz olmasındadır. İmkansız şeylərlə məşğul olması Maskı Silikon Vadisinin[3 - Silikon Vadisi – “Intel”, “Cisco”, “HP”, “Softway”, “Apple”, “Microsoft”, “Facebook”, “Twitter”, “Yahoo”, “Google” kimi şirkətlərin yerləşdikləri Şimali Kaliforniyadakı San-Hose vadisinə verilən addır – İ.N.] kumirinə çevirib. Peyc kimi həmkarları onun haqqında hörmət və bir az da ehtiyatla danışırlar. Biznes həyatına yeni atılanlar artıq “İlon kimi olmaq’’ istəyirlər. Əvvəllər hamı Stiv Cobsa (Steven Paul Jobs, 1955–2011, “Apple Computer, Inc.” şirkətinin qurucusu və ortaqlarından biri – İ.N.) bənzəməyə can atırdı. Amma Silikon Vadisi fərqli bir dünyadır. Onun xaricində Maskı təzadlı biri kimi görürlər. Onu elektromobilləri, günəş batareyaları və raketləri olan, boş ümidlər satan bir adam kimi qəbul edirlər. Stiv Cobsu unudun. Mask insanların qorxuları üzərində ağlasığmaz sərvət qazanmış P.T.Barnumun (19-cu əsrdə yaşamış amerikalı iş adamı, “Ringling Bros. and Barnum & Bailey” sirkinin qurucusu – İ.N.) elmi-fantastik versiyasıdır. Bir Tesla avtomobili satın alın. Planeti nə hala saldığınızı bir kənara atın!
Bir vaxtlar mən özüm də bu düşərgənin üzvü idim. Mask xoşniyyətli bir xəyalpərəst kimi məni də valeh etmişdi. O, Silikon Vadisinin texno-utopistlər klubunun tipik nümayəndəsinə bənzəyirdi. Bu düşərgənin insanları Ayn Rand (Alisa Zinovyevna Rosenbaum (1905–1982) – amerikalı yazar, filosof, obyektivizm cərəyanının banisi) heyranları ilə mütləqiyyətçi mühəndislərin sintezidirlər. Əgər biz onların əl-ayağına dolaşıb mane olmasaq, o insanlar bizim bütün problerimizi asanca həll edəcəklər. Bir gün, həm də kifayət qədər yaxın zamanda biz beyinlərimizi, zəkamızı kompüterə yükləyə biləcəyik. Bununla da rahatlıq tapacağıq, qoy sonrasını alqoritmlər düşünsün. Çox vaxt onların ambisiyaları ilham verir, gördükləri işlər faydalı olur. Ancaq texno-utopistlər texnologiyaların sonsuz imkanları haqdakı banal söhbətləri ilə əvvəl-axır adamı bezdirirlər. Ən çox da onların bu əsas fikrindən çaşbaş qalırsan ki, insan defektli bir məhsul, bəşəriyyət isə kainat üçün mənasız bir yükdür. Silikon Vadisindəki tədbirlərdə Maskın pafoslu çıxışları texno-utopistlər üçün oyun kitabından seçilmiş sözlər kimi səslənirdi. Onun şirkətlərinin dünyanı xilas edəcəkləri haqda fikirləri isə heç inandırıcı görünmürdü.
Amma 2012-nin əvvəlində mənim kimi pessimistlər etiraf eləməyə başladı ki, Mask, həqiqətən də, qoyduğu hədəflərə çatır. Bir zamanlar məsxərəyə qoyulan şirkətləri bənzərsiz işlər görür, uğur qazanırdı. SpaceX Beynəlxalq Kosmik Stansiyaya orbital yük gəmisi göndərmiş və müvəffəqiyyətlə geri qayıtmışdı. Tesla Motors özünün tam elektrikli, göyçək Model S sedanını buraxırdı. Nəfəs kəsən gözəllikdə idi; avtomobil sənayesi ilə Detroyt heyrətə düşmüşdü. Bu iki nailiyyəti Maskı biznesin nəhəngləri içərisində əlçatmaz zirvəyə çıxartdı. İki fərqli sahədə belə uğuru ancaq Stiv Cobs qazanmışdı – Apple-ın yeni modeli və Pixar-ın (Kaliforniyada qurulmuş film və animasya şirkəti, 1986-da Stiv Cobs tərəfindən alındıqdan sonra 2006-da 7,4 milyard dollara Disneyə satılıb – İ.N.) yeni blokbasteri ilə. Lakin Mask hələ yeni başlayırdı. O həm də birjaya açılmaqda olan günəş enerjisi sahəsində sürətlə böyüyən Solar City şirkətinin ən böyük sərmayədarı və onun Direktorlar Şurasının sədri idi. Cəmi bircə həmlə ilə Mask raket və avtomobil sənayesi ilə energetika sektoruna son onilliklərin ən böyük töhfələrini vermişdi.
Maskı daha yaxından tanımaq və “Bloomberg Businessweek” (1929-dan bu yana Amerikada nəşr edilən həftəlik iqtisadiyyat jurnalı – İ.N.) üçün material yazmağa qərar verdim. Onunla əlaqə yalnız köməkçisi Meri Bet Braun vasitəsilə mümkün idi. Və Meri məni sonralar Mask Diyarı adlandıracağım yerə dəvət etdi.
Mask Diyarına ilk dəfə gələnin çaşqınlıqdan ağzı açıq qalır. Sizə maşınınızı Hotornda, “One Rocket’’ adresində yerləşən SpaceX-in mənzil-qərargahının önündəki dayanacağa park etməyi söyləyirlər. Yəqin, düşünəcəksiz ki, Hotornda nəsə yaxşı bir şey ola bilərmi? Bura Los-Ancelesin köhnə-köşkül evləri, mağazaları və ucuz restoranlarının olduğu darıxdırıcı bir rayonudur. Bütün bunlar beton qutulara bənzəyən nəhəng sənaye təsislərinin içində yerləşir. Belə bir yerdəmi yerləşir Maskın şirkəti? Lakin daha sonra gördüklərin anlam qazanmağa başlayır, qarşınıza sahəsi 51 min m2 olan mistik bir bəyaz bina çıxır. Bura SpaceX-in əsas binasıdır.
Bu adamın yaratdıqlarının heybətli miqyasını SpaceX-in giriş qapısından keçəndən sonra anlayırsan. Mask Los-Ancelesin ortasında kosmik raketlər istehsal edən zavod tikib. Və bu zavod birdəfəyə bir raket deyil, çox raket düzəldir, özü də “sıfırdan”. Zavod böyük bir iş meydanıdır. Arxa tərəfdə metal hissələrin qaynaq dəzgahlarına yanaşması üçün böyük platformalar var. Digər tərəfdə isə ana plata, rabitə modulları və b. elektron hissələr hazırlayan bəyaz önlüklü texniklər çalışırlar. Digərləri isə xüsusi germetik şüşə kameralar içində raketlərin kosmik stansiyaya daşıyacağı kapsulları yığırlar. Başlarına bandana bağlamış döyməli adamlar Van Halen-i (Kaliforniyalı rok qrupu – İ.N.) dinləyərək raket motorlarının ətrafına kabellər döşəyirdilər. Yüklənməyə hazır raket gövdələrini də elə oraya düzmüşdülər. Binanın bir başqa bölümündə isə raketlər bəyaz rəngə boyanacaqları vaxtı gözləyir. Bir dəfə gəlməklə zavodu görüb anlamaq mümkün deyil. Qəribə formalı dəzgahların ətrafında yüzlərlə insan çalışırdı.
Bura Mask Diyarındakı sadəcə 1 nömrəli binadır. SpaceX satın alana qədər bura Boeing-747 təyyarələri üçün füzelaj istehsal edən Boeing zavodu idi. Qövsvarı damı olan və anqara bənzəyən binada Tesla-nın araşdırma laboratoriyası ilə dizayn studiyası yerləşir. Model S sedanı və Model X krossoverinin dizaynı məhz bu studiyada hazırlanıb. Bir qədər irəlidə Tesla enerjidoldurma stansiyası inşa edib. Los-Anceles sürücüləri burada avtomobillərini elektriklə pulsuz doldururlar. Buranı tapmaq çox asandır, Mask stansiyanın ortasına qırmızı-bəyaz Tesla loqotipi yerləşdirib.
Maskdan ilk müsahibəni bu dizayn studiyasında almışam. Onun necə çalışdığını o əsnada görmüşdüm. Özünə güvənən adamdır, ancaq bunu həmişə nümayiş etdirmir. İlk görüşdə utancaq və ağır insan təsiri bağışlayır. Onun Cənubi Afrika aksenti azalsa da, hələ də hiss edilir, bu da onun axıcı və səlis danışmasına mane olur. Bir çox mühəndis və fiziklər kimi istədiyi kəlməni axtararkən pauza verir, qəliz elmi-texniki terminlərdən istifadə edir, onları sadələşdirilmiş sözlərlə əvəz etmir. Düşünür ki, dediklərini onsuz da hər kəs anlayır. Heç nə anlamırsınızsa da, anlamayın deyir, öz işinizdir. Mask, əslində, zarafatcıldır, özünü sevdirməyi bacarır. Amma hər söhbətinin mütləq bir hədəfi və hansısa mənası var. O, sadəcə olaraq çənəsini boş yerə yormur. Onun güvənini qazanmağım və mənə daxili dünyası ilə şəxsiyyətinin daha dərin qatlarını açması 30 saata yaxın sürən çoxsaylı söhbətlərdən sonra mümkün oldu.
Bir çox şirkət sahibi və CEO-nun (ing. dilində Chief Executive Officer, baş direktor və ya İdarə Heyətinin sədri – İ.N.) ətrafında sürəkli köməkçiləri və ya müavinləri olur. Mask isə şirkətlərində, əsasən, təkbaşına gəzir. Restoranlarda çox vaxt keçirtməz. İşinin sahibidir, nüfuzunu göstərən bir əda ilə yeriyir. Maskla dizayn studiyasının birinci mərtəbəsindəki nümunələri və maşınları incələyərkən söhbət etdik. Ayaq saxlayan kimi işçilər Maskın üstünə tökülüşür, onu informasiya selinə qərq edirlər. O, diqqətlə dinləyir, düşünür və əgər razı qalsa, başını tərpədirdi. Oradan başqa informasiya axınına tərəf hərəkət edir. Tesla-nın layihə müdiri çalışmış Frans fon Holshauzen Model S-in təkər və təkər diskləri ilə Model X-in oturacaqlarının yerləşmə sxemi haqda Maskın fikrini öyrənmək istəyir. Bunları müzakirə edib yüksəkkeyfiyyətli qrafik kompüterin satış nümayəndələri ilə arxadakı otağa keçirlər. Onlar üçölçülü yeni renderinq (kompüter qrafikasında görüntünün vizuallaşdırılması – İ.N.) texnologiyasını nümayiş etmək istəyirdilər. Bu texnologiya Tesla üçün virtual Model S-in son retuşunu təshih etməyə imkan yaradacaq, hətta kölgələr və küçə lampalarının avtomobilin kapotundakı əksini belə göstərəcəkdi. Tesla mühəndisləri yeni kompüter sistemləri almaq istəyir və Maskın bunu təsdiq edəcəyinə inanırdılar. Burğu alətinin ciyiltisinə və iri sənaye ventilyatorlarının səsinə baxmayaraq mühəndislər Maskı ideyalarının önəminə inandırmaq istəyirdilər. Mask isə hərzamankı iş qiyafətində – cins şalvar, qara futbolka və dəri ayaqqabıda dayanıb 3D eynəyini taxmağa tələsmirdi. Bu haqda düşünəcəyini söyləyib yüksək səsin mənbəyinə – dizayn studiyasının dərinliyində enerjidoldurma stansiyaları üçün 10 metrlik qüllələrin inşa olunduğu bölümə getdi. Mask “Bu düzəltdiyiniz beşballıq bir fırtınaya da tab gətirər, odur ki bir az incəldin’’ dedi. Sonda qara rəngli Model S-ə minib SpaceX-in mənzil-qərargahına qayıtdıq. Yolda mənə sarı dönərək “Bizim insanlar internet, maliyyə və hüquqla çox məşğul olurlar. Ona görə də bizdə innovasiyalar azdır’’ dedi.
MASK DİYARI İLHAM QAYNAĞIYDI
Silikon Vadisinə 2000-ci ildə gəldim və San-Fransiskoya qonşu Tenderloynda yaşamağa başladım. Bura şəhərin pis ad çıxarmış bölgəsi idi. Yerli sakinlər buradan uzaq durmağa çalışırdılar. Burada şalvarını çəkib park edilmiş maşınların arasında təbii ehtiyaclarını ödəyən və ya başını avtobus dayanacağının divarına vuran psixopatlarla qarşılaşmaq adi bir haldı. Striptiz klublarının yanındakı ucuz barlarda transvestitlər iş adamlarına ilişir, əyyaşlar küçədəki skamyalarda gecələyirdilər. San-Fransiskonun bu çirkin və görkəmsiz, bıçaq yaraları ilə dolu səmtində internet inqilabı haqda röyaların bitdiyi daha bariz görünürdü.
San-Fransisko insan acgözlüyü haqda hekayələri ilə məşhurdur. Qızıl qızdırması (ing. Gold rush – İ.N.) dövründə şəhər olmuş San-Fransisko dəhşətli zəlzələdən (1906-cı il dağıdıcı zəlzələsi – İ.N.) sonra da iqtisadi şəhvətini itirmədi. İqtisadi yüksəliş və çöküşlər bu yerlərin ritmi, habelə ahəng və melodiyası idi. 2000-ci ildə San-Fransisko görünməmiş bir iqtisadi canlanma yaşadı, şəhərdə çılğın bir istehlak ajiotajı başladı. İnsanların sürətli varlanma fantaziyalarına qapıldığı, internetin isə başgicəlləndirici illəri idi. Populyar olan bu sərsəm ideyaların enerjisi hər addımda hiss edilirdi: şəhər uğuldayır və qaynayırdı. Mən San-Fransiskonun ən əxlaqsız və ən pozğun səmtində yaşayırdım, insanların yüksəlişini də görürdüm, çöküşünü də.
O vaxtlar biznesin çılğınlıqları haqda müxtəlif hekayələr danışılırdı. Sürətlə böyüyən bir şirkət qurmaq üçün nəyisə istehsal etməyə lüzum yoxdu. Bir internet ideyanızın olması və bu düşüncənizə sərmayə qoyacaq investor tapmaq kifayət idi. Yeganə məqsəd qısa müddət ərzində çoxlu pul qazanmaqdı, çünki bu vəziyyət bir gün mütləq bitəcəkdi.
Vadinin işçiləri taqətdən düşənə qədər çalışırdılar. Hamı gecəyarısına qədər işləyirdi. İş yerləri müvəqqəti yaşamaq üçün evlərə çevrilmiş, şəxsi gigiyena unudulmuşdu. Heç nə istehsal etməmək üçün çox çalışmaq lazımdı. Stress atmaq vaxtı gələndə isə ağlınıza gələn bütün yollara baş vurulurdu. Ovaxtkı şirkətlər kim daha vəhşi əyləncə növü seçəcək deyə bir-biri ilə bəhsə girmişdi. Tanınmış şirkətlər “bərkgedən” olduqlarını nümayiş etdirmək üçün mütəmadi olaraq konsert salonları kirayələyirdilər. İçkilərin pulsuz olduğu belə gecələrdə səhnəyə Barenaked Ladies (Kanada rok qrupu – İ.N.) çıxır, barlarda isə rəqqasələr şou göstərirdilər. Gənc mühəndislər fahişələr çağırır, tualetlərdə kokain çəkirdilər. Acgöz idilər, ağıllarındakı tək şey varlanmaqdı.
Sürətli varlanma haqda internet fantaziyalarının çöküşü San-Fransisko və Silikon Vadisini dərin depressiyaya saldı. “Tusovka’’lar yoxa çıxdı. Küçə qadınları artıq səhər saat 6-da küçələrdə “Mənimlə gəl, şəkərim. Qəhvədənsə mən yaxşıyam’’ deyib sabah seksi təklif etmirdilər. İndən belə Barenaked Ladies yerinə Nil Daymondun (Amerikalı müğənni, mahnı sözlərinin müəllifi – İ.N.) mahnıları, pulsuz futbolkalar və boğazda düyünlənmiş qəhər vardı.
Yüksək texnologiyalar industriyası adamlarının indən belə nə ilə məşğul olacaqları haqda heç bir təsəvvürləri yox idi. Sabun köpüyü kimi partlayan vençur şirkətləri (elmi araşdırmalar, mühəndislik fəaliyyəti və innovasiyaların tətbiqi ilə məşğul olan kiçik şirkətlər – İ.N.) tamam batmamaq üçün maliyyələşdirməni kəsdilər. Təşəbbüskarların nəhəng fikirlərinin yerini təvazökar niyyətlər tutdu. Silikon Vadisinin bütün sakinləri sanki bir anda kütləvi şəkildə içkini buraxdılar. Melodram kimi səslənsə də, həqiqət belə idi. İşıqlı gələcək qurduğuna inanan milyonlarla zəka sahibi birdən bunun doğru olmadığını anladı. Və dəbə yeni davranış şəkli mindi – riskdən qaçmaq üçün ehtiyatlı olmaq.
Dəyişikliyi görmək üçün o dövrdəki ideyalar üzərində qurulmuş şirkətlərin durumuna baxmaq kifayət idi. Google arenaya 2002-də çıxmışdı və elə o vaxt da uğur qazanmağa başladı. Amma bu, tipik bir örnək deyil. Google şirkətinin qurulması ilə 2007-də Apple iPhone-nun yaranması arasındakı dövrdə bir sıra mənasız şirkətlər yarandı ki, onlar qısa müddətdə batıb yox oldular. Hətta Facebook və Twitter kimi uğurlu qurumlar belə Hewlett-Packard, Intel və ya Sun Microsystems kimi həqiqi məhsul ortaya çıxaran və on minlərlə insanı işlə təmin edən şirkətlərə bənzəmirdilər. Sonrakı illərdə məqsədlər dəyişdi. Artıq böyük risklərə gedib yeni sənaye sahələri açmaq yerinə istehlakçını əyləndirərək bazarı bol-bol reklamla doldurub asan pul qazanmaq dövrü başlayırdı. Facebook-un keçmiş mühəndisi Jeff Hammerbacher mənə belə demişdi: “Bizim nəslin ən parlaq beyinləri insanların mausla reklama daha çox tıklamaları üzərində baş sındırırlar. Bu, dəhşətdir’’. Silikon Vadisi bərbad bir şəkildə Hollivuda oxşamağa başlamışdı. İstehlakçılar isə içlərinə qapanıb virtual dünyanın əsirinə çevrilmişdilər.
İnnovasiyalardakı bu durğunluğun daha böyük problemə çevriləcəyini ilk dəfə fizik Conatan Hyubner dilə gətirdi. Pentaqonun Kaliforniyadakı Çayna gölündə yerləşən Dəniz Aviasiyasının Elmi Tədqiqat Mərkəzində çalışan Hyubner “Leave it to Beaver’’ serialındakı ölüm tacirinin versiyasıdır. Ortayaşlı, arıq və saçı tökülmüş bu adam, adətən, qəhvəyi köynək, xaki rəngli şalvar və pencək geyinir. 1985-dən bu yana ən son texnologiyalardan istifadə edərək silah sistemləri üzərində çalışmaqdadır. O, “dotkom’’ların (ing. dot.com – “nöqtə-com’’lar internet şəbəkəsi üzərində çalışan şirkətlərə verilən addır – İ.N.) batmasından sonra masasına qoyulan innovativ təkliflərə baxmır, onları ciddiyə almır. Hyubner 2005-ci ildə yazdığı “Dünyada innovasiyaların azalma tendensiyası’’ adlı məqaləsində Silikon Vadisini tənqid edərək ona xəbərdarlıq edir.
Hyubner innovasiyalarla bağlı vəziyyəti təsvir etmək üçün ağac metaforundan istifadə edir. İnsan oğlu artıq ağacın gövdəsinə çıxaraq budaqları üzərində məskunlaşıb, təkər, elektrik, təyyarə, telefon, tranzistor kimi həqiqətən də böyük kəşflər edib. İndiki nəsil isə ağacın təpəsində yellənərək bizə qədər olunmuş kəşfləri inkişaf etdirmək istəyir. Bu metaforla Hyubner həyatımızı dəyişdirən böyük kəşflərin ciddi şəkildə seyrəldiyini göstərir. Bundan başqa, o, bir nəfərə düşən texniki innovasiyaların zamanla azaldığını deyir. Mənə verdiyi müsahibəsində “Düşünürəm ki, insanın indən belə 100 böyük ixtira edəcəyi ehtimalı getdikcə azalır. İnnovasiya məhdud qaynaqdır’’ deyir.
Hyubner insanların onun fikri ilə razılaşması üçün beş il lazım olduğunu söyləyir. Onun təxmini hardasa tam doğru çıxdı. 2010-da PayPal-ın (internet üzərindən çalışan onlayn ödəmə sistemi – İ.N.) qurucularından, Facebook-un ilk xarici investoru Peter Thiel yüksək texnologiyalar sənayesinin tənəzzülə uğradığı fikrini irəli sürdü. “Biz uçan avtomobillərin xəyalını qururduq, əvəzində isə əlimə keçən 140 simvol oldu’’ – bu cümlə onun “Founders Fund’’ isimli sərmayə şirkətinin şüarına çevrildi. “Gələcəyə nə oldu’’ adlı essesində Thiel və tərəfdarları iddia edirlər ki, Tvitter özünün 140 simvolu ilə yalançı tərəqqidir. Thielə görə, elmi fantastika bəşəriyyətin gələcəyini tərənnüm etməyi dayandırıb və antiutopiyaya çevrilib. Bunun səbəbi texnologiyaların dünyanı dəyişdirəcəyinə olan inamın qalmamasıdır.
Mask Diyarını ilk ziyarətimə qədər mən də yuxarıdakı düşüncələrin çoxu ilə razı idim. İlon hədəflərindən çəkinmirdi və onun şirkətlərində çalışanlar xaricində çox az insan zavodları, elmi tədqiqat mərkəzlərini, maşın sexlərini görmüşdü və onun niyyətlərinin miqyasını anlayırdı. Mask çox şeyi, məsələn, sürətlə irəliyə doğru hərəkət etməyi, bürokratik iyerarxiyadan azad olmağı Silikon Vadisindən götürmüşdü. O, bütün bunları real yüksəliş üçün böyük, fantastik avadanlıqların təkmilləşdirilməsinə tətbiq etdi.
Belə baxanda Mask özü də hamı kimi “xəstəliyə’’ yoluxmuşdu. Universitetdən məzun olan kimi “Zip2” adlı şirkətini (“Google Maps’’in daha bəsit variantı) qurub “dotkom maniyası’’na qapıldı. İlk şirkəti böyük uğur qazandı – 1999-da Compaq 307 milyon dollara Zip2-ni satın aldı. Mask bu satışdan 22 milyon dollar qazandı və onun, demək olar, hamısını yeni şirkətinə, sonralar PayPal adlanacaq startapa yatırdı. 2002-ci ildə isə eBay 1,5 milyard dollar ödəyərək PayPal-ı satın aldı. Mask PayPal-ın ən böyük hissədarı kimi fantastik dərəcədə varlandı.
Mask həmkarları kimi depressiyaya düşüb Silikon Vadisində veyillənmədi, onların buraxdığı səhvləri təkrarlamamaq üçün Los-Ancelesə köçdü. Doğru olan şey dərin bir nəfəs alıb növbəti əlverişli vəziyyəti gözləmək idi. Ancaq Mask gözləməyi seçmədi. Əlindəki pulun 100 milyon dollarını SpaceX, 70 milyonunu Tesla, 30 milyonunu isə SolarCity şirkətlərinə yatırdı. Bütün sərvətini itirmək üçün bundan sürətli yol ola bilməzdi. “Va-bank’’ gedərək dünyanın ən bahalı iki yerində – Los-Anceles və Silikon Vadisində supermürəkkəb komplekslər inşa etdi. Maskın şirkətləri hər şeyi başdan yaradaraq aerokosmik sahədə, avtomobil istehsalı və Günəş enerjisində qəbul edilmiş həqiqətləri yenidən dərk etməyə başladı.
Mask ABŞ hərbi-sənaye kompleksinin nəhəngləri olan Lockheed Martin və Boeng ilə mübarizəyə başladı. Rusiya və Çin şirkətlərini də əlavə etsək, görərik ki, söhbət artıq dövlətlərlə təkbaşına mübarizədən gedir. SpaceX öz sahəsində azməsrəfli təchizatçı kimi ad çıxarıb. Amma bunlar uğur üçün kifayət deyil. Kosmik biznesin içində siyasət də var, lazımlı adamlara yaltaqlanmaq və proteksionizm də. Bunlar isə kapitalizmin təməlini oyur. Stiv Cobs iPod və iTunes-u bazara çıxaranda səsyazma industriyasına qarşı getmiş və bəzi əngəllərlə qarşılaşmışdı. Amma musiqi industriyasının şıltaq ludditləri (19-cu əsrdə Böyük Britaniyada maşınların tətbiqinə qarşı fəhlələrin ilk kortəbii çıxışlarının iştirakçıları – İ.N.) Maskın “adamyeyən” əleyhdarları ilə müqayisədə heç nə idilər. SpaceX kosmosa yük daşıyıb Yerdəki start meydançasına qayıdan çoxistifadəli raketləri sınaqdan keçirir. Əgər SpaceX bu texnologiyanı təkmilləşdirsə, rəqiblərinə sarsıdıcı zərbə vuracaq ki, bu da, şübhəsiz, raket sənayesinin bir çox şirkətini biznesdən çıxaracaq. Bununla da Amerika kosmosa insan və yük daşımaqda dünya lideri olacaq. Bu isə Maska çox sayda düşmən qazandıracaq. Onun qeyd etdiyi kimi, “Mənim üçün göz yaşı tökənlərin sayı onsuz da az idi, indi daha da azalacaq. Ruslar məni fiziki olaraq yox edəcəklər deyə ailəm qorxu içində yaşayır’’.
Mask Tesla Motors şirkəti ilə avtomobillərin istehsal və satılma şəklini dəyişdirmək, eyni zamanda bütün dünyada enerjidoldurma stansiyaları şəbəkəsini inşa etmək istəyir. Hibridlərin yerinə (Mask onlara “şərti olaraq optimal kompromis’’ deyir) insanların çox istədiyi tam elektrikli avtomobillər istehsal edəcək. Bununla da texnologiyanın sərhədləri genişlənəcək. Tesla bu avtomobilləri dilerlər vasitəsilə deyil, internetdən və ya Apple mağazalarına bənzəyən elit ticarət mərkəzlərindəki qalereyalarda satır. Tesla həmçinin texniki xidmətdən çox qazanc əldə etməyi gözləmir, çünki elektromobillər üçün adi avtomobillərdə olan yağ dəyişmək kimi prosedurlara ehtiyac yoxdur. Tesla-nın birbaşa satış modeli texniki xidmətdən böyük qazanclar əldə edən avtodilerlərə açıq meydan oxumaqdır. Hazırda Tesla-nın enerjidoldurma stansiyaları Amerika, Avropa və Asiyanın əsas magistral yollarında fəaliyyət göstərir. Onlar maşınlara 20 dəqiqəyə yüzlərlə km mənzil qət etməyə imkan yaradır. Bu enerjidoldurma stansiyaları günəş enerjisi ilə işləyir və Tesla sürücüləri bunun üçün pul ödəmirlər. Amerika infrastrukturunun böyük hissəsi köhnəlir. Mask futuristik nəqliyyat sistemi yaradaraq Amerikanı dünyanın önünə keçirir. Maskın baxışı və son illərdə gördükləri işlər Henri Ford və Con Rokfellerin mirasının ən yaxşı nümunələrini özündə birləşdirib.
Mask məişətdə və sənaye müəssisələrində istifadə edilən günəş batareyaları istehsal edən SolarCity şirkətini qurub. SolarCity-nin əsas konsepsiyası Maska aiddir. Direktorlar Şurasının sədri Mask özüdür, amma biznesi xalası oğulları Lindon və Piter Riv qardaşları idarə edirlər. Qısa zamanda SolarCity onlarla enerji şirkətini geridə buraxaraq böyük bir şirkət halına gəlib. Alternativ energetika ilə məşğul olan şirkətlərin iflas etdiyi bir zamanda Mask ekoloji cəhətdən təmiz iki uğurlu enerji şirkəti qurdu. Zavodları, müxtəlif sahələrdə çalışan on minlərlə fəhlə və mühəndisi ilə Mask 11,7 milyard dollarlıq sərvət[4 - “Bloomberg Billionaires Endeks”ə görə Maskın sərvəti 2017-ci ilin sonunda 21,3 milyard dollar idi – İ.N.] qazanaraq dünyanın ən zəngin adamlarından birinə çevrilib.
Mask Diyarını ziyarətim Maskın butün bunlara necə nail olduğuna cavab verməyə yardım elədi. “Marsa insan göndərmək’’ deyimi nə qədər çılğın səslənsə də, Maskın şirkətləri üçün bu, bir stimul, hədəf və əsas ilham mənbəyidir. Üç şirkətin də işçiləri həyatlarını imkansız olana verdiklərini dərk edirlər. Mask qarşısına real olmayan hədəflər qoyur. Bunun üçün də işçilərdən “alışıb-yanmağı’’ tələb edir. Onlar da bu tələbi gördükləri işin bir hissəsi kimi qəbul edirlər. Bəzi işçilər Maskı buna görə sevir, bəziləri isə nifrət edirlər. Ancaq Maska səylərinə, ideyalarına görə sadiqdirlər. Silikon Vadisindəki bir çox iş adamında çatışmayan Maskdakı önəmli hədəflər qoyma qabiliyyəti və gördüyü işin fəlsəfəsini dərk etməkdir. Mask işinə mübtəla olması, tükənməyən arzu və səyləri, davamlı axtarışda olması ilə dahidir, həm də macərapərəst bir dahidi. O, pul qazanmağa can atan iş adamından daha çox, əsgərlərini zəfərə aparan generala bənzəyir. Mark Zukerberq (Facebook-un qurucusu və CEO-su – İ.N.) sizin şəkillərinizi paylaşmağa kömək etdiyi bir vaxtda Mask bəşəriyyəti, insan irqini məhv olmaqdan xilas etməyə çalışır.
Həyatındakı hər şey Maskın cəsarətli ideyalarının reallaşmasına yönəlib. Yaşayışı ekssentrik və bəzən də ağlasığmazdır. Onun üçün adi bir iş həftəsi Bel Air-dəki malikanəsində başlayır. Bazar ertəsindən ertəsi gün axşama qədər SpaceX-də çalışır, sonra şəxsi təyyarəsinə minib Silikon Vadisinə uçur. Bir-iki gün Tesla-nın Palo-Alto şəhərindəki (Kaliforniya ştatında əhalisi 70 min olan şəhər, San-Fransiskodan 53 km uzaqda yerləşən Palo-Alto Silikon Vadisinin tarixi mərkəzidir, onun qeyri-rəsmi paytaxtı sayılır – İ.N.) ofislərində və Frimontdakı zavodunda çalışacaq. Şimali Kaliforniyada Maskın öz evi yoxdur, ona görə də ya dəbdəbəli “Rosewood’’ otelində, ya da dostlarıgildə qalır. Dostlarından birinin evində qalması üçün köməkçisi qısa bir e-mail göndərir: “Bir nəfər üçün yeriniz varmı?’’ Müsbət cavab gələrsə, Mask gecənin gec saatlarında qapının zəngini çala bilər. Adətən, ona boş yataq otaqlarından birini ayırırlar, amma Mask çox vaxt kompüterdə oyun oynayarkən kiçik divanda yuxuya qalır. Cümə axşamı isə növbə yenə də Los-Anceles və SpaceX-dədir.
O, keçmiş arvadı Castinlə birgə azyaşlı 5 oğlunu – əkiz və üçəmi böyüdür. Uşaqlar həftədə 4 gün ataları ilə qalırlar. Mask hər il həftədə neçə saat uçduğunu hesablayır və bununla da vəziyyətin nəzarətdən çıxıb-çıxmadığına baxır. Belə bir qrafiklə necə yaşadığını soruşduqda Mask belə cavab verir: “Uşaqlığım çətin olub, bəlkə də, ondandır’’.
Mask Diyarını ziyarətlərimdən birində söhbətimiz çox qısa sürdü. O, ailəsi ilə Oreqon ştatında yerləşən milli parkdakı Kreyter gölünə həftəsonu tətili üçün yola çıxacaqdı. Cümə günü axşam saat səkkizdi, Mask oğlanları ilə dayələrini özəl təyyarəsinə mindirməli, vardıqları hava limanından avtomobillə çadırın qurulduğu yerə hərəkət etməlidirlər. Onları gözləyən dostları çanta və yüklərini boşaltmağa kömək edəndə artıq qaranlıq düşmüş olacaq. Həftəsonuna bir neçə piyada gəzinti planlanıb. Bütün istirahət bundan ibarətdir. Bazar günü günün ikinci yarısında Mask uşaqları ilə Los-Ancelesə geri qayıdacaq. Uşaqları buraxıb həmin axşam da Nyu-Yorka uçmalıdır. Orada yatacaq, səhər tezdən müsahibə verəcək, sonra isə görüşləri var. Elektron poçtunu yoxlayacaq. Yatıb ertəsi gün səhər Los-Ancelesə qayıdacaq. Bütün gün SpaceX-də çalışacaq. Çərşənbə axşamı günorta San-Hoseyə uçub Tesla Motors-un zavoduna gedəcək. Axşam isə Vaşınqtona uçub prezident Obama ilə görüşəcək. Çərşənbə günü axşam yenidən Los-Ancelesə dönəcək. Bir neçə gününü SpaceX-ə ayıracaq. Həftəsonu isə Google Direktorlar Şurasının sədri Erik Şmidtin Yelloustonda təşkil etdiyi konfransda iştirak edəcək. Mask o günlərdə ikinci arvadı, aktrisa Talula Raylini (Talulah Riley) yenicə boşamışdı və özəl həyatına birini daxil edib-etməyəcəyini hesablamağa çalışırdı. Bununla bağlı Mask belə demişdi: “Düşünürəm ki, işimə və uşaqlarıma yetərincə zaman ayırıram. Lakin bir problem var. Münasibətə girmək üçün özümə yeni bir qız tapmalıyam. Bunun üçünsə hardansa zaman oğurlamaq lazımdır. Bu zaman nə qədər olmalıdır? Bəlkə, 5–10 saat ola bilər. Həftədə qadına neçə saat ayırmaq lazımdır? 10 saat yetərmi? Bunun aşağısı nə qədərdir? Mən bilmirəm’’.
Mask istirahətə nadir hallarda vaxt ayırır, ancaq ayıranda da əyləncəsi də həyatı kimi dramatik və qeyri-standart olur. Otuz illiyinə dəvət etdiyi 20 nəfər qonağı üçün İngiltərədə bir qəsr kirayələmişdi. Gecə saat ikidən sabah altıya qədər gizlənpaç oynamışdılar. Ertəsi gün axşam Parisə uçub orada qardaşı və xalası uşaqları ilə gecəyarısından sabah altıya qədər küçələrdə velosiped sürərək əylənmişdilər. Sonra bütün günü yatıb axşam “Şərq ekspressi”nə minib yenə də səhərə yuxusuz qalmışdılar. Qatarda “Lucent Dossier Experience” adlı məşhur avanqard qrupunun akrobatik tryuklarından ibarət şousunu izləmiş, fala baxdırmışdılar. Ertəsi gün qatar Venesiyaya gəldi. Axşam yeməyini verandadan Böyük Kanalı (ital. Canal Grande, Venesiyanın ən məşhur kanalı – İ.N.) dostları ilə seyr edərək yemişdilər. Mask kostyumlaşdırılmış partiləri də sevir; bir kərəsində cəngavər qiyafətində gəlmiş, çətirlə Dart Vader (“Ulduz müharibələri’’ndəki əsas personajlardan biri – İ.N.) qiyafətində bir liliputla duelə çıxmışdı.
Sonuncu ad günlərindən birinə Mask 50 nəfər dəvət etmişdi. Busəfərki qəsr (əgər ona qəsr demək mümkündürsə) NyuYork ştatındakı kiçicik Tarrytown qəsəbəsində idi. Yapon stimpank stilində (elmi fantastikada bir cərəyan, insan inkişafının alternativ variantını araşdırır) elmi-fantastik bir performans olacaqdı. Amma korsetlər, dərilər və maşınlara pərəstiş kimi həftəbecər bir şey alındı. Mask samuray qiyafəti geyinmişdi.
Əyləncə proqramında Gilbert və Sallivanın viktorian dövrünə aid “Mikado’’ adlı komik operası da nümayiş olundu. Hadisələr Yaponiyada bir şəhərin kiçik teatrında baş verir. Talula Rayli amerikalıların bir şey bildiyinə inanmadığını söyləmişdi (Maskın “qadına həftədə 10 saat ayırmaq’’ planı baş tutmadığı üçün Talula ilə münasibətlər yenidən bərpa olunmuşdu). Amma sonrakı nömrəni amerikalılar çox sevdilər. Mask gözlərini bağlatdırdı, hər əlinə bir şar aldı, birini isə ayaqlarının arasında sıxışdırıb divara söykəndi. Səhnəyə bıçaqatan akrobat çıxdı. Mask çox qorxduğunu xatırlayır. Seyr edənlər də Mask üçün əndişələnmişdilər. Maskın ən istəkli dostu Bill Lee o səhnəni belə xatırlayır: “İnanılmaz idi, ancaq İlon hər şeyə filosof kimi baxır’’. Şənlikdə bir sumo güləşçisi də vardı. Qəsrin içində bir rinq quruldu və Mask sumo çempionunun qarşısına çıxdı: “160 kilo idi. Mən adrenalinin verdiyi həvəslə üstünə getdim, yerdən qaldırmağa çalışdım. Birinci raundu udmağıma icazə verdi, amma sonra məni elə günə qoydu ki, indiyə qədər belim ağrıyır’’.
Rayli bu mərasimləri Mask üçün sənət halına gətirdi. Onlar 2008-ci ildə – Maskın şirkətlərinin ən uğursuz dövründə tanış olmuşdular. Maskın sərvətini itirməsi və mətbuatın onu lağa qoyaraq tənqid hədəfinə çevirməsi Talulanın gözü önündə baş verirdi. O vaxt açılan yaraların hələ də sızıldadığını bilirdi. Maskın çətin xasiyyətinin də bu və digər emosional travmalardan – balaca oğlunun faciəvi ölümü, yeniyetməlik yaşlarında Cənubi Afrikadakı çətinliklər və s.-dən qaynaqlandığını anlayırdı. O, Maskın istirahət edib əylənməsi, az da olsa, acılarını unutması üçün əlindən gələni etdi. Bu haqda Rayli belə deyirdi: “Onun ruh rahatlığı üçün müxtəlif əyləncəli şeylər düşünürəm. Ona çocuqluğunda görmədiklərini indi verməyə çalışıram’’.
Raylinin səyləri hər nə qədər çox olsa da, lazımi nəticəni vermirdi. Sumo güləşçisi ilə qarşılaşmadan sonra Mask Tesla-nın Palo-Altodakı mənzil-qərargahına getdi. Şənbə günü olmasına baxmayaraq avtomobil parkı dolu idi. Tesla-da yüzlərlə gənc çalışır – kimi kompüterlərdə avtomobil hissələri dizayn edir, kimi də elektron təcrübələr aparırdı. Maskın qəhqəhələri mərtəbəni başına götürmüşdü. Onu toplantı otağında gözləyirdim. İçəri girəndə insanların şənbə günləri çalışmasından mütəəssir olduğumu dedim. O isə məsələyə daha fərqli tərəfdən baxırdı. Mask getdikcə istirahət günləri daha az adamın çalışmasından şikayət etdi: “Rahatlaşmışıq, tənbəlləşmişik. Elə bu dəqiqə hamıya e-mail atacam. Daha sərt olmaq lazımdır’’.
Xəyal qurub və onu həyata keçirmək istəyən insanlar da ancaq belə olmalıdırlar. Hovard Hyuz və ya Stiv Cobsun da işçilərinə necə olduqlarını təsəvvür etmək çətin deyil. Yeni bir şey yaratmaq asan deyil. Amma əgər yaratdığın əzəmətli bir şeydirsə, onda bu çox çətindir. Şirkətləri qurduğu iyirmi il ərzində Maskın ətrafına çox insan toplanıb. Onlar ya Maska pərəstiş edir, ya da onu sevmirlər. Kitab üzərində çalışarkən mən bu insanlarla qarşılaşdım. Mənə Mask və müəssisələrinin fəaliyyəti haqda xeyli təfərrüatlar danışdılar.
Maskla axşam yeməkləri və mənim periodik olaraq Mask Diyarını ziyarətlərim bu adamı fərqli tərəflərdən tanımağa kömək etdi. Onun elədikləri Hyuz və ya Cobsun elədiklərini geridə buraxır. Mask aerokosmik və avtomobil sənayeləri kimi elə sahələrə baş vurub ki, Amerika artıq o sahələrdən əlinu üzmüşdü. Və o bu sahələrin simasını dəyişərək yeni və fantastik işlər gördü. Bu dəyişmədə Maskın proqram təminatçısı olması və bunu praktikada tətbiq etmək qabiliyyəti əsas rol oynadı. O, atom və baytları kimsənin ağlına gəlməyəcək şəkildə elə birləşdirdi ki, nəticələr göz qamaşdırdı. Doğrudur, o da iPhone və Facebook kimi milyonlara, milyardlara xitab etmək istəyir. Amma hələ ki o, zəngin adamlara oyuncaq düzəldir. Onun çox böyük vədlər verən imperiyası raketinin partlaması və ya maliyyə böhranı nəticəsində Tesla avtomobillərinin bazardan kütləvi şəkildə çəkilməsi ilə çökə bilər.
Digər tərəfdən Maskın şirkətləri onun əleyhdarlarının düşündüyündən daha çox işlər görüb. Hətta tərəddüd edənlərin arasında da nikbin olanların sayı artmağa başlayıb. Tanınmış ixtiraçı və proqram təminatı üzrə ekspert Edvard Yanq belə deyir: “İlon mənim üçün Silikon Vadisini yenidən quran, fəaliyyətini zamana uyğunlaşdıran parlaq bir örnəkdir. Gördüyü işlər önəmlidir, amma kafi deyil. Texnologiyalara inteqrasiyanın fərqli modellərini axtarmalıyıq. Bu inteqrasiya proqram təminatı, elektronika, yeni materiallar və hesablama qüdrətinin harmonik vəhdəti olmalıdır. Maskın güclü tərəfi də elə bundadır. Maskın zəkası ona qəribə maşınların erasına yol çəkməyə, elmi fantastikanın arzularını çin etməyə imkan verir’’.
Bu mənada Mask Hovard Hyuzdan daha çox, Tomas Edisona bənzəyir. O, böyük ideyaları qavrayıb onları böyük məhsullara çevirən ixtiraçı, iş adamı və sənayeçidir. Onun yanındakı minlərlə insan metallik məmulatın istehsalı ilə məşğuldur və onlar Amerika zavodlarında ağlasığmaz işlər görürlər. Cənubi Afrikada doğulmuş Mask bu gün Amerikanın ən innovativ sənayeçisi, ən qeyri-ordinar düşünən insanıdır. Ehtimal ki, o, Silikon Vadisini yeni, daha perspektivli yola çıxaracaq. Maskın sayəsində amerikalılar 10 il sonra dünyanın ən müasir yollarına sahib olacaqlar. Bu yollarda hərəkət edən elektromobillər günəş enerjisi ilə çalışan minlərlə enerjidoldurma stansiyalarından istifadə edəcək. O vaxta qədər SpaceX hər gün raketlərlə kosmosdakı müxtəlif yaşam bölgələrinə insan və yük daşıyaraq bəşəriyyəti Marsa uçuşa hazırlayacaq.
Yenilikləri qavramaq çox çətindir. Əgər işləri sona çatdırmaq üçün Mask yetərli zaman tapa bilsə, bu yeniliklər həm də qaçılmaz olacaq. Onun ilk arvadı Castin Uilson (Justine Wilson) belə demişdi: “O istədiyinə nail olacaq, heç kim ona mane olacaq gücdə deyil. Bu dünya İlona aiddir, biz hamımız isə, sadəcə, buranın sakinləriyik’’.

2. Afrika
İlon Riv Mask (Elon Reeve Musk) adını ilk dəfə 1984-cü ildə eşitdilər. Cənubi Afrikada nəşr olunan “PC və ofis texnologiyaları’’ jurnalı Maskın işləyib-hazırladığı bir kompüter oyununun çıxış kodunu (kompüter proqramının mətni – İ.N.) yayımladı. Oyunun adı Blastar idi, 167 sətir koddan ibarət bu oyun elmi-fantastik hekayələrin əsasında yazılmışdı. Mətn interfeyslərinin olduğu dövr idi. Maskın yazdığı oyun proqramlaşdırma üçün bir şah əsər sayılmazdı, amma 12 yaşında bir uşağın da bacaracağı iş deyildi.
Mask bu oyundan 500 dollar qazandı. Xarakterinin bəzi xüsusları ortaya çıxırdı. Blastar haqqındakı jurnaldakı qeyd göstərdi ki, müəllif fantastik əsərlər yazarları kimi adının “E. R.Musk’’ şəklində yazılmasını istəyir və onun beynində böyük zəfərlər haqda xəyallar dolaşır. Qısa annotasiyada belə deyilirdi: “Bu oyunda siz hidrogen bombaları ilə başqa planetdən gəlmiş şüa aparatı olan kosmik gəmini məhv etməlisiniz. Oyunda sprayt qrafikası ilə animasiyalardan geniş istifadə olunur və buna görə də siz proqramın mətni ilə tanış olmalısınız”. (O zaman üçün internetdə şüa aparatı’’ haqda heç bir məlumat yox idi.)
Bir uşağın kosmos, Xeyir və Şərin mübarizəsi haqda xəyallar qurmasında qeyri-adi heç nə yoxdur. Təəccüblü olan onun bu fantaziyaları ciddiyə almasıdır. Gənc İlonla da məhz belə olmuşdu. On yaşlarında Mask fantaziya ilə reallığı elə qarışdırmışdı ki, onları ayırmaq olmurdu. İnsan oğlunun kainatdakı taleyi onun şəxsi problemi olmuş, ona təsir etmək isə şəxsi vəzifəsi. Əgər bərpa olunan enerji mənbələri axtarmaq və ya insanların həyat arealını genişlətmək üçün kosmik gəmilər yaratmaq lazımdırsa, demək ki, lazımdır və Mask problemin həllini tapmalıdır: “Bəlkə də, uşaqlığımda çox komiks oxumuşam. Orada isə dünyanı xilas etməyə çalışırlar. Hər kəs dünyanı daha yaxşı hala gətirməli idi, başqa cür ola da bilməzdi’’.
14 yaşında İlon tam bir ekzistensial böhran yaşadı. Bir çox istedadlı yeniyetmə kimi o da çıxış yolunu dini və fəlsəfi mətnlərdə aramağa başladı. Müxtəlif ideologiyalarla tanış olandan sonra başlanğıc nöqtəsinə geri döndü – ona ən yaxın olanı elmi fantastika idi. Duqlas Adamsın “Avtostopla qalaktikada’’ kitabı həyatında xüsusi rol oynadı: “Bu kitab mənə sualı necə verməyi öyrətdi. Əgər sualı doğru qoysan, cavab kifayət qədər asan tapılır. Əsas geniş düşünməkdir. Onda hansı sualı verəcəyini bilirsən’’. Gənc Mask bununla da özünün əsas missiyasını dərk etməyə başladı – “Ediləcək tək şey insan oğlunun ümumi maariflənməsinə xidmət etməkdir’’.
Maskın həyatın mənasını aramasının haradan gəldiyini təxmin etmək çətin deyil. 1971-ci ildə dünyaya gəlmiş, Cənubi Afrikanın şimal-şərqində, Yohannesburqdan maşınla bir saatlıq məsafədə yerləşən Pretoriyada böyümüşdü. Zəngin bəyazlar üçün Cənubi Afrikanın ozamankı həyat tərzinin qəribə bir cazibəsi vardı. Maskın bütün istəkləri qaradərili qulluqçular tərəfindən anında yerinə yetirilirdi. Varlılar, adətən, özlərini ciddi məşğuliyyətlərlə yormurdular. Onlar inanılmaz gecə həyatı ilə fərqlənirdilər – fırlanan şişdə bişirilmiş quzular, su yerinə axan şərablar, gec saatlara qədər ağalarını əyləndirən qaradərili rəqqasələr. Uşaqlara isə dayələr baxırdı. Təbiət bənzərsiz dərəcədə gözəl idi, yaşamağa stimul verirdi. Zaman məfhumu da Qərbdən fərqli idi: Cənubi Afrikada zamanın qədrini bilmir, ona barmaqarası baxırdılar. “Bu dəqiqə’’ dedikləri beş dəqiqə də çəkə bilərdi, beş saat da. Qədim mədəniyyətlərdəki kimi hər şeyə azadlıq hissi hakimdi. Hər yerdə Afrika qitəsinin azğın enerjisi hiss olunurdu.
Ancaq bu xoşa gələn şeylərin arxasında aparteid kabusu dolaşırdı. Cənubi Afrika şiddət, amansızlıq və fiziki zorakılığın daşdığı nəhəng qazan kimi qaynayırdı. Qaradərili qəbilələr və xüsusilə də ağlarla qaralar arasında toqquşmalar səngimirdi. Maskın uşaqlığı aparteidin ən qanlı və ən mənfur epizodları ilə eyni vaxtlara düşdü. Yüzlərlə qaradərili tələbənin ölümü ilə nəticələnən Soueto üsyanı zamanı Maskın cəmi 4 yaşı vardı. Cənubi Afrika irqçi siyasətinə görə uzun illər başqa ölkələr tərəfindən sanksiyalara məruz qaldı. Mask uşaq vaxtı xaricə gedəndə oradakı insanların Cənubi Afrikada baş verənlərə münasibətini görürdü. Digər ağdərili uşaqlar kimi o da utanc hissi keçirir, ölkəsindəki vəziyyətin bərbad olduğunu anlayırdı.
Pretoriya və bəyaz afrikalı mədəniyyəti Maskın xarakterinə təsir etdi. O torpaqların kişilərinə xas ifrat dərəcədə sərt davranış müsbət qarşılanır, güclü, əzələli gənclərə hörmət edilirdi. Mask isə fərqli idi: utancaq, sakit halı ilə sanki bir yabançı kimi yaşayırdı. O, zaman keçdikcə insanlığı xilas etmək düşüncəsinin nə qədər doğru olduğunu görürdü. Ancaq Mask Cənubi Afrikanın konkret problemləri üzərində deyil, bəşəriyyətin gələcəyi haqqında düşünməyə başladı. Amerikanı çoxları kimi o da böyük fürsətlər ölkəsi və arzuların həyata keçdiyi arena kimi təsəvvür edirdi. İndi baxın, bu hekayə də səmimi bir şəkildə “bəşəriyyətin maariflənməsi’’ haqda düşünən, Cənubi Afrikadan çıxmış sakit bir oğlan uşağının Amerikanın ən cəsur və işgüzar iş adamı olmasının hekayəsidir.
Mask Amerikaya iyirmi yaşlarında gəlir. Buna onun soykökünə qayıtması kimi də məna verirlər. Genealoji ağacı Maskın ana tərəfdən babalarının İsveçrə almanlarından olub Haldeman soyadı daşıdığını göstərir. Onlar Avropadan Nyu-Yorka Amerikadakı müstəqillik müharibəsi zamanı (ing. American War of Independence – ABŞ-ın müstəqilliyinin 1776-da elanı ilə nəticələnmiş 1775–83-cü illərdəki müharibə – İ.N.) köçüblər, oradan isə İllinoys və Minnesotaya səpələniblər. Maskın dayısı, ailənin qeyri-rəsmi tarixçisi sayılan Skott Haldeman bu haqda belə deyir: “Biz fermer ailəsindən gəlirik, içimizdə vətəndaş müharibəsində barrikadaların fərqli tərəfindən də insanlar olub’’.
Uşaqlığında adı fərqli və qəribə olduğu üçün oğlanlar Maskı cırnadırmışlar. Ona 1872-ci ildə İllinoysda dünyaya gəlmiş ulu babası Con İlon Haldemanın adını veriblər. İlon Haldeman sonralar Minnesota ştatına köçür və orada Almeda Ceyn Norman adlı qadınla evlənir. 1902-ci ildə Minnesotanın Peko şəhərində onların Coşua Norman Haldeman adlı oğulları doğulur.
Con İlon Haldeman oğlunun doğulmasından 2 il sonra şəkər xəstəliyinə tutulur. O zaman bu diaqnoz ölüm cəzasına bərabər sayılırdı. 32 yaşı olanda ona 6 ay ömrü qaldığını deyirlər. Az da olsa tibb bacısı təcrübəsi olan arvadı Almeda onun ömrünü uzatmaq üçün müalicə üsulları axtarır. Kayropraktik üsulunu (yun. chiropractic – Amerikada populyar olan alternativ, manipulyativ tibb – İ.N.) Con İlona tətbiq edir. O bu müalicə ilə beş il daha yaşayır. Bundan sonra onlar kayropraktik ənənəsi olan ailə kimi də tanınırlar. Almeda kayropraktik məktəbini bitirdikdən sonra 1905-ci ildən həkim kimi fəaliyyətə başlayır. Maskın ulu nənəsi daha sonra öz klinikasını açıb Kanadanın ilk kayropraktik həkimi olur.
Ekssentrik və çox fərqli bir insan olan Coşua Norman İlon Maskın babası idi və o hər zaman İlon üçün nümunə olmuşdur. Coşua Norman sağlam və müstəqil uşaq kimi böyüyürdü. 1907-ci ildə ailəsi Saskaçevan düzünə köçür. O, 7 yaşında olarkən atası vəfat edir və erkən yaşda çalışmağa alışır. Yaşadığı yerin çılpaq təbiətini sevir, at minməyi öyrənir, boks və güləşlə məşğul olur. Ata olan həvəsindəndir ki, rodeo (kovboyların idman müsabiqəsi) yarışları təşkil edir. Ailə şəkillərində əynində dəri getr, əlində isə lasso var. Yeniyetməykən Coşua Ayova ştatının Palmera şəhərindəki kayropraktik məktəbində oxumağa gedir. Təhsilini başa vurub Saskaçevana qayıdır, amma fermerliklə məşğul olur.
Depressiya illərində (ing. Great Depression – 1930-cu illərdə Amerikada tüğyan edən Böyük İqtisadi Böhran – İ.N.) Coşua Haldeman maliyyə böhranı keçirir. Fermer təsərrüfatı üçün avadanlıq alarkən istifadə etdiyi bank kreditini qaytara bilmir və nəticədə beş min akr (iki min hektardan çox) torpaqları əlindən alınır. Skott Haldeman atasının o vaxtdan banklara inanmadığını deyir. Skott atasının yolu ilə getmir, kayropraktik təhsili alaraq onurğa sütunu ağrıları üzrə dünyanın ən önəmli ekspertlərindən biri olur.
Fermer təsərrüfatı əldən çıxınca Coşua Haldeman köçəri həyat tərzi sürür. 190 sm-lik boyu ilə inşaat meydançalarında muzdlu fəhlə kimi çalışır. Bir ara Saskaçevanda partiya quraraq siyasətlə də məşğul olur, qəzet buraxır, mühafizəkar və antisosialist yazılar yazır. Nəhayət, o da həyatını manual terapiya ilə bağlayır. O, 1948-ci ildə Kanada vətəndaşı olan rəqs müəlliməsi Uinnifred (Uin) Jozefin Fletçer ilə evlənir. Bu evlilikdən onun bir oğlu və üç qızı olur. Qızların ikisi əkizdilər: Key və Mey. Mey İlon Maskın anasıdır.
Ailə 20 otaqdan ibarət üçmərtəbəli evdə yaşayırdı. Uinnifred burada açdığı rəqs studiyasında dərs verirdi. Hər zaman yenilik və macəra axtarışında olan Coşua Haldeman isə uçmağa meyil salır və özünə təyyarə alır. Haldeman arvadı və uşaqları ilə şəxsi təyyarələrində Şimali Amerikanı gəzdikcə xeyli tanınmağa başladılar. Siyasi tədbirlər və kayropraktiklə bağlı iclaslara təyyarəsi ilə gəlib-gedirdi. Sonralar arvadı ilə birgə “Haldemanlar uçuşda’’ adlı kitab da yazdı.
Haldemanın həyatı öz axarı ilə gedirdi, amma 1950-ci ildə o hər şeyi atdı. Həkim və siyasətçi olan Haldeman dövlətin insanların həyatına müdaxilə etməsinə qarşı çıxır, Kanada bürokratiyasını çox zəhlətökən görürdü. Evində söyüş söyməyi, siqaret çəkməyi, koka-kola içməyi və rafinə edilmiş undan istifadə etməyi qadağan etmişdi. Haldeman Kanadada mənəviyyatın çökdüyünü iddia edirdi. Ən əsası isə Haldeman macərasız yaşaya bilmirdi. Evlərini və rəqs studiyasını satıb Cənubi Afrikaya köçməyə qərar verir. Haldeman o vaxta qədər orada heç olmamışdı. Skott Haldeman atasına 1948-ci il modeli olan Bellanca Cruisaire təyyarəsini sökməyə və onu Afrikaya göndərmək üçün konteynerə yükləməsinə yardım etdiyini xatırlayır. Afrikada təyyarəni yenidən yığıb ondan yaşamaq üçün yer arayışında istifadə etdilər. Nəhayət, Pretoriyaya yerləşməyə qərar verdilər və Haldeman yenidən manual praktikasına başladı.
Ailənin macəra ruhu sərhəd tanımırdı. 1952-ci ildə Coşua və Uin 22 min mil (35 min km) qət edərək Afrikadan Şotlandiya və Norveçə, oradan da geriyə uçdular. Uin şturman idi, bəzən də pilot oturacağına otururdu. 1954-cü ildə ər-arvad Afrikadan Avstraliyaya və geri 48 min km uçaraq öz rekordlarını qırdılar. Qəzetlər onlardan yazdı: ehtimal ki, ilk dəfə idi birmotorlu təyyarədə Afrikadan Avstraliyaya uçulmuşdu.
Bu səyahətdə onlar Afrika sahillərindən qalxıb Ərəbistan yarımadası üzərindən İran, Hindistan və Malayziya, oradan da Timor dənizindən Avstraliyaya çatmışdılar. Viza və lazımi sənədləri toplamağa bir il vaxt sərf edilmişdi. Uçuş müddətində mədə problemi yaşamışdılar. Skott Haldeman Timor dənizi üzərində atasının vəziyyəti xarab olunca Avstraliyaya qədər təyyarəni anasının sürdüyünü və yerə endikdən sonra halının düzəldiyini deyir.
Təyyarə səyahəti ilə yanaşı, ailə piyada səfərləri də sevirdi. Afrikanın cənubunda, Kalahari səhrasında tərk edildiyi ehtimal olunan İtirilmiş Şəhəri tapmaq üçün yola çıxmışdılar. Ailə albomunda bu səfər zamanı çəkilmiş fotoda Afrika savannasının ortasında 5 uşaq var. Onlar ocaq üstündəki böyük metal qazanın ətrafına yığışıblar, qayğısız görünürlər, açılıb-qapanan stulda ayaqlarını ayaq üstünə atıb kitab oxuyurlar. Arxa planda isə yaqut qırmızısı rəngindəki Bellanca təyyarəsi, çadır və avtomobil var. Zahiri sakitliyin xaricində çox sayda təhlükə gizlənib. Bir dəfə yük maşınları kötüyə çırpıldı, bamper və radiator sıradan çıxdı. Maşın səhranın ortasında ilişib qaldı, ətrafla rabitə quracaq heç bir alət yoxdu. Coşua maşınla 3 gün boyunca əlləşdi, ailə isə qıraqda yeməyə bir şey axtarırdı. Gecə ocağın ətrafında giyena və leopardlar dolaşırdılar, bir səhər isə oyanıb qarşılarında aslan gördülər. Coşua əlinə keçən ilk şeyi – gecə lampasını alıb aslanın qabağında sallamağa və bağırmağa başladı. Aslan çıxıb getdi.
Coşua ilə Uin atıcılıqda da usta idilər, bir sıra yarışlarda iştirak edib qalib olmuşdular. 1950-ci illərdə “Ford” avtomobillərində 8 min km-lik Keyptaun–Əlcəzair rallisində iştirak edərək birinci yeri tutmuşdular.
Haldemanlar uşaqlarını liberal ruhda böyüdür, hər şeyə icazə verirdilər. Bu tərbiyə metodu İlon Mask da daxil sonrakı nəsillərə qədər davam etdi. Uşaqları əsla cəzalandırmırdılar: Coşua hesab edirdi ki, düzgün davranışı özləri tapmalıdırlar. Uzun səyahətlərə çıxanda uşaqlar evdə təkbaşına qalırdılar. Skott Haldeman atasının bir dəfə də olsun məktəbə gəldiyini xatırlamır. Baxmayaraq ki Skott yaxşı şagird idi, “sinifkom’’ və reqbi komandasının kapitanıydı. Skott xatirələrində belə yazır: “Atam hər şeyi olduğu kimi qəbul edirdi. Biz hər şeyə qadir olduğumuzu düşünürdük, sadəcə olaraq qərar qəbul edib onu həll etmək lazımdı. Bu mənada atam həyatda olsa, İlonla qürur duyardı’’.
Coşua Haldeman 1974-cü ildə 72 yaşında həlak oldu. Təyyarəsinin enişini təkmilləşdirmək üçün məşq edirdi. İki dirək arasındakı kabeli görmədi, təyyarənin təkərləri ona ilişdi. Təyyarə döndü və onun boynu qırıldı. Babası həlak olanda İlon yenicə yeriməyə başlamışdı. Hələ kiçik yaşlarından babasının qəhrəmanlıqları haqda çox sayda hekayələr eşidir, saysız-hesabsız slayd-şoularda babasının səyahətlərinə, savannadakı macəralarına baxırdı: “Nənəm danışırdı ki, bir neçə dəfə babamla ölümün iki addımlığında olmuşduq. Onlar heç bir naviqasiya aləti, hətta radioları belə olmadan uçur, uçuş xəritələri yerinə hər zaman dəqiq olmayan avtomobil yolları xəritəsindən istifadə edirdilər. Babam ağlasığmaz hərəkətlər edərkən macəra, kəşf etmək və tədqiqat ruhu ilə alışıb-yanırdı’’. İlon deyir ki, onun riskə olan meyli birbaşa babasından gəlir. İllər sonra İlon yaqut qırmızısı Bellanca təyyarəsini tapıb almaq istədi. Amma təyyarə tapılmadı.
İlonun anası Mey Mask valideynlərinə sitayiş edirdi. Gəncliyində tipik bir “əlaçı qız’’ idi, riyaziyyatı sevir, məktəbdə yaxşı oxuyurdu. 15 yaşına çatanda onun üzündəki cizgilərə diqqət etdilər. Məlum oldu ki, Mey çox gözəldir. Ucaboylu, qamətli, sarısaçlı, almacıq sümüyü çıxıq və kəskin xətləri ilə Mey rəfiqələrindən seçilirdi. Ailə dostlarının manekenlik məktəbi vardı, Mey orada modellik öyrənirdi. Bazar günlərində podiuma çıxır, jurnallarda fotoları nəşr olunur, arada rəsmi tədbirlərə də dəvət alırdı. Nəticədə “Miss Cənubi Afrika’’ gözəllik yarışmasının finalına çıxdı. Mey manekenliyi buraxmadı, altmış yaşından sonra da “New York’’ və “Elle’’ kimi jurnalların üz qabığına çıxır, Beyonsenin kliplərində yer alır.
Mey və İlonun atası Errol Mask bir məhəllədə böyüyüblər. İlk dəfə görüşəndə 1948-ci ildə doğulmuş Meyin 11 yaşı vardı. Errol Meyin məktəbdəki uğurlarına biganə idi, amma ona aşiqdi. Mey belə deyir: “O mənim ayaqlarıma və dişlərimə vurulmuşdu’’. Universitetdə tələbə ikən onlar sürəkli görüşürdülər. Meyin dediyinə görə, Errol 7 il boyunca onu istədi; usanmadan evlilik təklif edirdi: “Məni heç rahat buraxmadı’’.
Evlilik həyatları elə ilk gündən qarışıqdı. Mey bal ayında hamilə qaldı və 28 iyun 1971 tarixində, toylarından düz doqquz ay iki gün keçmiş İlonu dünyaya gətirdi. Evlilikləri çox qibtəediləcək olmasa da, Pretoriyadakı həyatları kifayət qədər yaxşı idi. Errol mühəndis idi, yaşayış və ofis binaları ilə ticarət mərkəzlərinin, hətta hərbi-hava qüvvələrinin bazasının layihələri üzərində çalışırdı. Mey isə diyetoloq işləyirdi. Bir ildən sonra İlonun Kimbal adlı qardaşı, çox keçmədən də Toska adlı bacısı doğuldular.
İlon hər şeyə maraq göstərən, hərəkətli bir uşaqdı. Hər şeyi çox tez qavrayırdı. Mey də bütün analar kimi oğlunu yaşına görə çox inkişaf etmiş, dahi biri olaraq görürdü: “Digər uşaqlardan fərqli olaraq hər şeyi havada tuturdu’’. Narahat edən tək şey İlonun zaman-zaman transa girməsiydi. İlonu dindirəndə o eşitmir, uzun-uzadı bir nöqtəyə baxırdı. Bu o qədər çox təkrarlanmağa başladı ki, valideynləri və həkimlər onun kar olduğunu düşündülər. Mey İlonun onları eşitmədiyini deyirdi. Həkimlər uşağı müayinə edib adenoidləri (patoloji olaraq böyümüş badamcıqlar – İ.N.) kəsməyi məsləhət gördülər: bu əməliyyatdan sonra, adətən, eşitmə qabiliyyəti düzəlir. Mey bunun kömək etməyəcəyini bildirdi. Anası İlonun vəziyyətinin onun eşitmə sistemi ilə deyil, beyninin çalışma xüsusiyyəti ilə bağlı olduğunu təxmin etdi. Mey belə deyirdi: “O özünə qapananda sanki başqa dünyaya düşür. Hələ də təkrarlanır o vəziyyətlər. Sadəcə olaraq artıq fikir vermirəm, bilirəm ki, ya yeni raket quraşdırır, ya da ona bənzər bir şey’’.
Digər uşaqlar İlonun bu xüsusiyyətini bəyənmirdilər. Yanında hoppanıb bağıranda da İlon onları heç vecinə almır, öz dünyasında düşünməyə davam edirdi. Ətrafındakılar onun tərbiyəsiz və nəzakətsiz olduğunu deyir, ya da başqa dünyalardan gəlmiş tühaf adam kimi qəbul edirdilər. Mey onun doğrudan da ləng olması ilə fərqləndiyini, bu özəlliyinin də onu yaşıdlarına sevdirmədiyini deyir.
Mask üçün bu anlar şox gözəldi. Beş və ya altı yaşlarında o, dünyadan qopub hansısa konkret məsələnin həllinə konsentrasiya olmağı öyrənmişdi. Qismən bu bacarıq onun beyninin çalışma şəklinin vizual xarakterli olması ilə bağlıdır. O, xəyalən hansısa bir şəkli bütün dəqiqliyi ilə, detallarına qədər görə bilirdi. Bunu ancaq kompüter proqramlarının mühəndis qrafikasına oxşatmaq olar. Mask belə xatırlayır: “Güman ki, mənim gözümün torlu qişasına (retina – İ.N.) gələn vizual informasiyanı işləyən beynim düşüncə proseslərinə də qoşulur. İndi bundan çox istifadə edə bilmirəm, çünki diqqətimi tələb edən həddindən artıq çox şey var. Amma uşaqkən bu öz-özünə baş verirdi. Gələn görüntünü işləyən beyinin böyük hissəsi daxili düşünmə proseslərində çalışmağa başlayır’’. Kompüterdə bu iki çox mürəkkəb funksiya iki çip arasında bölüşdürülüb. Qrafik prosessorlar görüntünü, yəni video və ya kompüter oyunlarını işləyir, hesablama prosessorları isə riyazi əməliyyatları həyata keçirir. Vaxt keçdikcə Mask belə bir qənaətə gəldi ki, onun beyni qrafik çipin analoqudur. Bu da ona xarici aləmdəki obyektləri görməyə imkan verir, xəyalında onları kopiyalayır və başqa obyektlərlə qarşılıqlı təsirini anlamağa yardım edir. Daha sonra Mask fikrini belə izah edir: “Görüntü və rəqəmlərə gəlincə mən onlar arasındakı qarşılıqlı prosesləri və alqoritmik əlaqəni işləyirəm. Təcil, impuls, kinetik enerji – onların obyektlərin davranışına necə təsir etdiyini aşkar görürəm’’.
Gənc İlonun ən diqqətçəkən özəlliyi onun kitab oxumağa olan həvəsidir. Çox erkən yaşdan o, kitablardan ayrılmırdı. Qardaşı Kimbal belə deyir: “Gündə on saat kitab oxuyurdu, bazar günləri isə iki kitab bitirirdi’’. Bir dəfə ailə alış-verişə çıxanda İlonun itdiyinin fərqinə varır. Mey və Kimbal onu bir kitab mağazasında tapırlar. İlon yerdə oturub kitab oxuyurdu. Hərzamankı transabənzər vəziyyətdə idi.
Böyüyüncə məktəbdən sonra saat ikidə kitab mağazalarına getməyə başladı. Axşam altıya qədər – valideynləri işdən evə qayıdana kimi orada qalırdı. Bədii ədəbiyyat, komikslər, elmi-populyar kitablar oxuyurdu. Özünün xatırladığı kimi: “Bəzən məni mağazadan qovurdular, amma çox vaxt mənə dəymirdilər’’. Sevdiyi kitablar arasında The Hitchhikker’s Guide to the Galaxy (“Avtostopla qalaktikada”) ilə birlikdə The Lord of the Rings (“Üzüklərin hökmdarı”), Ayzek Azimovun Foundation (“Fond”) seriyası və Robert Haynlaynın The Moon Is a Harsh Misstress (“Üsyankar Ay”) romanı var. Mask belə deyir: “Vaxt gəldi, mən məktəb və rayon kitabxanasındakı kitabları oxuyub bitirdim. Üçüncü və ya dördüncü sinifdəydim, deyəsən. Kitabxanaçını mənim üçün əlavə kitab sifariş etməyə razı saldım. Beləliklə, Britaniya ensiklopediyasını oxumağa başladım. Çox faydalı idi. Axı nəyi bilmədiyini bilmirsən. Və ətrafımızda nə qədər çox şey olduğunu anlamağa başlayırsan’’.
İlon faktik olaraq iki komplekt ensiklopediya oxudu. Bu qəhrəmanlığı ona dost qazanmağa kömək eləmədi. Fotoqrafik bir yaddaşı vardı və ensiklopediyalar onu “faktlar fabrikinə” çevirdi. O, klassik “hər şeyi bilən’’ oldu. Yemək masasında Toska Yerdən Aya qədər məsafəni soruşur. İlon o andaca dəqiq məsafəni dilə gətirir: perigeyi də, apogeyi (trayektoriyası ellips şəklində olan Aydan Yerə ən yaxın məsafə perigey, ən uzağı isə apogeydir – İ.N.). Mey belə xatırlayır: “Toska həmişə deyirdi ki, nəyisə bilmək istəyirsənsə, bizim dahidən soruş. Nə desək, hər şeyi xatırlayırdı’’. İlon “kitab qurdu’’ olduğundan çox ağır və ləngdi. Anası onun idmanla arasının çox da yaxşı olmadığını deyir.
Mey İlonun axşamçağı küçədə qardaşı və xalaoğulları ilə oyun oynarkən uşaqlardan biri qaranlıqdan qorxduğunu söylədi. İlon ona dedi: “Qaranlıq sadəcə olaraq işığın yoxluğudur’’. Qorxaq uşaq nəzəri bir izah istəmirdi, istədiyi birinin onu sakitləşdirməsiydi. Uşaqkən başqalarının səhvini düzəltməsi və iynəli sözləri İlona dost qazanmağa mane olurdu. O isə elə hesab edirdi ki, insanlar səhvlərini biləndə sevinirlər. Mey bu haqda belə deyir: “Uşaqlar belə şey eşitmək istəmirlər. Onlar İlona onunla oynamaq istəmədiklərini deyirdilər. Bir ana kimi ona acıyırdım, dostlarının olmasını istəyirdi. Kimbal və Toska evə dostlarını gətirirdi, o isə yox. Onlarla da oynamaq istəyirdi, amma alınmırdı’’. Mey uşaqlara onu da oynamağa çağırın deyirdi. Cavabları belə olurdu: “Onunla darıxdırıcıdır’’. Lakin İlon böyüdükcə qardaşı, bacısı və xalası uşaqları ilə yaxşı münasibətlər qurdu. Məktəbdə özünə qapalı olsa da, ailədə açıq və dostcanlı idi. Və nəticə etibarilə böyük rolunu öz üzərinə götürərək bütün işlərdə liderlik etməyə başladı.
Mask ailəsində işlər bir müddət yolunda gedirdi. Evləri Pretoriyanın ən böyük evlərindən biri idi, Errolun işləri yaxşıydi. İlonun səkkiz yaşında olduğu bir fotoda üç ağbəniz uşaq pilləkənlərin üstündə oturub, arxa planda isə Pretoriyanın məşhur bənövşəyi ağacı – jakaranda görünür. Şəkildə İlonun yumru yanaqları və geniş təbəssümü var.
Bu fotonun çəkilməsindən qısa bir zaman sonra ailə dağıldı. Valideynləri bir il keçməmiş boşandılar. Mey uşaqlarla Cənubi Afrikanın şərq sahilində yerləşən Durbandakı bağ evinə köçdü. İki il sonra İlon atasıyla yaşamaq istədiyini dilə gətirdi. Mask bu istəyini belə izah edir: “Mənə elə gəlirdi ki, atam kədər içində və kimsəsizdir. Anamın 3 uşağı yanındaydı, atam isə yalqızdı. Bu, ədalətsizlik idi’’. Ailənin bəzi üzvləri qərarı İlonun özünün verdiyini, bəziləri isə ata nənəsi Koranın ona təzyiq göstərdiyini deyirlər. Mey o hadisəni belə xatırlayır: “Onun bu mutlu evi nə üçün tərk etdiyini anlaya bilmirdim. Həqiqətən də, bu xoşbəxt evi mən onun üçün yaratmışdım. Amma İlon həmişə bildiyini edirdi’’. İlonun keçmiş arvadı, onun 5 oğlunun anası Castin belə ehtimal edir ki, İlon evin Alfa erkəyi olduğundan məsələnin emosional tərəfinə baxmır. Castin İlonun valideynləri ilə çox da yaxın münasibətdə olmadığını söyləyir və Mask ailəsi haqda “soyuq, sentimentallıqdan uzaq insanlar” deyir. Bir müddət sonra Kimbal da atasının yanına köçdü. O bunu belə izah etdi ki, təbiəti etibarilə oğul atasının yanında yaşamalıdır.
Errol haqda söz düşəndə ailə üzvləri susmağa üstünlük verirlər. Onun çətin insan olduğu ilə razılaşıb təfərrüatlara varmırlar. Errol sonralar ikinci dəfə evləndi və İlonun iki atabir bacısı da var. Onlar bu gün də İlonun himayəsindədirlər. İlon və qohumları, görünür, bacıları pərt etməmək üçün Errolu camaat içində müzakirə etməmək haqda qərar qəbul ediblər.
Haqqında bilinənlər bunlardır: Errolun ailəsinin dərin Cənubi Afrika kökləri var. Onun sülaləsinin izləri iki yüz il əvvələ qədər gedib çıxır. Masklar adlarının Pretoriyanın ilk telefon kitabçasına düşdüyünü söyləyirlər. Onun atası Uolter Henri Ceyms Mask orduda çavuş olub. İlon ata babası haqda belə deyir: “O, demək olar ki, danışmırdı. Viski içir, çox əsəbi olurdu və əntiqə krossvord doldururdu’’. Errolun anası Kora Ameliya İngiltərədə intellektual bir ailədə doğulmuşdu. Nəvələrinə də yetişirdi, oğluna da. Kimbal nənəsinin işgüzar, zirək və təşəbbüskar bir qadın olduğunu deyərək həyatlarında çox böyük rol oynadığını qeyd edir. İlon nənəsinə Nana deyirdi və onunla çox yaxın idi. Valideynləri boşandıqdan sonra o, İlonu məktəbdən götürüb gəzdirir və onunla Scrabbl (masaüstü söz oyunu – İ.N.) oynardı.
İlk baxışda Errolun evində həyat gözəldi. Ev kitablarla dolu idi. Kompüter və özünə lazım olan şeyləri almaq üçün İlonun pulu da vardı. Errol uşaqları özü ilə xarici səfərlərə aparırdı. Kimbal o dövrün çox şən keçdiyini və onda yaxşı xatirələr buraxdığını söyləyir. Errol övladlarını intellekti ilə təəccübləndirir, onlara bəzi dərslər verirdi. İlon atası haqda belə deyir: “O, istedadlı mühəndisdi. Atam hər şeyin necə çalışdığını bilirdi’’. Atasının iş yerinə gedən İlon və Kimbal kərpic qoymaq, su sisteminin qurulması, pəncərənin necə yerləşdirilməsi və elektrik kabellərinin çəkilməsini öyrənirdilər. Bunları öyrənmək qardaşların çox xoşlarına gəlirdi.
Kimbal atasının hər zaman ciddi nəzarəti altında olduqlarını vurğulayır. Errol İlonla Kimbalı qarşısında otuzdurub üç-dörd saat boyunca “tərbiyəvi iş’’ aparırdı. Uşaqlar ağızlarını belə aça bilməzdilər. Errol oğlanlarına göstərdiyi zabitədən, onları adi uşaq əyləncələrindən məhrum etməkdən zövq alırdı sanki. İlon tez-tez atasını Amerikaya köçmək üçün inandırmağa cəhd edir, Errol isə bu istəyə qarşı çıxırdı. İlonu susdurmaq üçün evdəki xadiməni işdən çıxardıb ev işlərini onun görməsini istədi – “Amerikalı olmağın nə olduğunu bilsin’’ demişdi.
İlon və Kimbal bu mövzuda ətraflı danışmasalar da, aydın olurdu ki, ataları ilə yaşadıqları dövrdə ciddi travmatik təzyiqə məruz qalıblar. İkisi də müəyyən psixoloji sarsıntı keçirdiklərini düşünür. Kimbal belə deyir: “Atamda nələrinsə normal olmadığı dəqiqdir. İlonla mənə də keçib bunlar. Və bizi bu sərt tərbiyə sistemi yetişdirib’’. Errolun adı gələndə Meyin tükləri biz-biz durur: “Kimsə onunla yola gedə bilmir. Çətindir onunla. Heç nə danışmaq istəmirəm, çünki bütün bunlar dəhşətdir. Bilirsinizmi, bu haqda danışmaq lazım deyil, uşaqlar, nəvələr var axı…’’.
Errolla oğlu haqda söhbət etmək istədiyimi bildirəndə mənə elektron poçtla belə bir cavab göndərdi: “İlon mənimlə yaşayanda çox müstəqil və məqsədyönlü bir uşaqdı. O dövrdə Cənubi Afrikada heç kim kompüterin nə olduğunu bilmirdi. Amma İlon kompüter elmi ilə maraqlanırdı, on iki yaşına çatanda onun istedadı hər kəsə məlum idi. İlon və qardaşı Kimbalın uşaqkən maraq dairələri genişdi, hamısını sadalamaq çətindir. Mənimlə bərabər Cənubi Afrika və onun xaricində çox səyahət etdilər. İlon, qardaşı və bacısı hər atanın arzu etdiyi nümunəvi uşaqlardı və hələ də elədirlər. İlonun nailiyyətləri ilə çox qürur duyuram’’.
Errol mənə göndərdiyi elektron məktubu İlona da göndərdi. İlon atasının “keçmişlə bağlı söylədiklərinə inanmaq olmaz” dedi və məni onunla yazışmaq fikrindən daşındırdı: “Bu dünyanın adamı deyil o, başında hər şey qaydasında deyil’’ söyləyərək daha detallı izahat verməkdən boyun qaçırtdı. Sonra isə əlavə etdi: “Demək olar ki, çocuqluğum yaxşı olmayıb, danışanda qulağa xoş gəlsə də, mutlu deyildim. Uşaqlığım iztirabla doluydu. Atam həyatı zəhər eləməyi yaxşı bacarırdı. O, istənilən vəziyyəti bərbad edə bilərdi, hətta ən yaxşısını belə. Bədbəxt adamdır o. Bilmirəm…lənət olsun…insan necə belə ola bilir…bilmirəm mən… Gəl qapadaq bu söhbəti, yoxsa çox uzağa gedərik’’. İlon və Castin uşaqlarını Errolla əsla tanış etməyəcəklərinə and içiblər.
İlon kompüteri ilk dəfə on yaşına çatanda Yohannesburqdakı Sandton Ticarət Mərkəzində görüb. O günü belə xatırlayır: “Elektronika cihazları satan mağazanın küncünə bir neçə kompüter qoymuşdular. İnsanın istədiklərini yerinə yetirəcək maşının bu olduğunu düşündüm. Mənim belə maşınım olmalıdır! Bu sehrli aləti almaq üçün atamı bezdirməyə başladım’’. 1980-də satışa çıxmış populyar ev bilgisayarı VIC-20 çox keçmədən onun oldu. 5 kilobayt yaddaşı olan kompüterin üstündə BASIC proqram dilini öyrənmək üçün dərs vəsaiti də vermişdilər. BASIC dili 6 aylıq kursla mənimsənirdi. İlon isə üç gün üç gecə yuxusuz qalıb işi bitirdi. Həyatında bundan daha cəzbedici və həyəcanverici bir şey görməmişdi. Atası mühəndis olsa da, onda nəsə bir luddistlik vardı, texnikaya biganə idi. Errol kompüterin oyun oynamağa yaradığını, onunla real mühəndis problemi həll olunmayacağını deyirdi. İlon bu sözləri vecinə almadı.
Kitab sevgisinin üzərinə bir də kompüter ehtirası gəldi. İlon çox vaxt Kimbal və xalası uşaqları Rass, Lindon və Peter Rivi (xalası Keyin uşaqları) müxtəlif avantüralara təhrik edirdi. Bir dəfə məhlələrində qapı-qapı gəzərək pasxa yumurtalarının satışını təşkil etdilər. Yumurtaları yaxşı boyamasalar da, onları üçqat bahasına varlı qonşularına sata bildilər. İlon ev şəraitində partlayıcı maddələr və raketlər də düzəltməyə başladı. Cənubi Afrikada “Estes’’ raketləri üçün start qurğuları yox idi. Bu səbəbdən də kimyəvi birləşmələri düzəldib konteynerlərə yerləşdirmək lazımdı. İlon belə xatırlayır o macəranı: “Nə çox şeydən partlayıcı düzəltmək olarmış. Barıtı selitra, kükürd və manqal kömüründən hazırlayırlar. Amma güclü bir turşunu güclü qələvi ilə birləşdirsən, çıxan enerjinin miqdarı xeyli çox olacaq. Dənəvərlənmiş xlorla əyləc yağı isə dəhşətli təsir yaradır. Barmaqlarımı itirmədiyim üçün şanslıyam’’. Partlatmağa bir şey olmayanda oğlanlar qat-qat paltar geyinir, qoruyucu eynəklər taxıb pnevmatik tüfənglərdən bir-birini gülləbarana tuturdular. İlon qardaşı ilə qum təpələri arasındakı tozlu yollarda çox velosiped sürürdü. Kimbalın bir dəfə velosipeddən uçaraq hansısa darvazanın tikanlı məftillərinə girdiyini unutmayıblar.
İllər ötdükcə qardaşların öz işlərini qurmaq istəkləri ciddiləşməyə başladı. Onlar oyun avtomatları zalı açmağa həvəsləndilər. Böyüklərdən icazə almadan yer seçib müqavilə bağladılar. Amma bizneslə məşğul olmaq üçün verilən sənədi 18 yaşından böyük birinin imzalaması lazımdı. Nə Errol qol çəkməyə razı oldu, nə də xalasının əri. Gənclərin birlikdə bizneslərini qurmaları üçün iyirmi il keçəcəkdi.
Onların ən təhlükəli hünəri, güman ki, Pretoriya ilə Yohannesburq arasındakı səyahət idi. 1980-ci illərdə Cənubi Afrikada cinayətkarlıq yüksək həddə çatmışdı. İki şəhər arasındakı 35 mil (56 km) məsafəni qatarla qət etmək dünyada ən qorxulu səyahətlərdən biri sayılırdı. Kimbal belə hesab edirdi ki, bu cür səfərlər onlara önəmli təcrübə qazandırırdı: “Cənubi Afrika xoş səyahətlər üçün ən yaxşı yer deyildi, bu da bizə pis təsir edirdi. Çox şey görmüşdük, üzərimizdəki müxtəlif tərbiyəvi eksperimentlər bizim riskə olan münasibətimizi dəyişdirirdi. Böyüyürdük, amma peşə sahibi olmağın həyatda ən çətin şey olduğunu anlamırdıq. Bu heç də yaxşı bir şey deyildi’’.
Yaşları 13–16 arasında olan oğlanları axşam əyləncələri və Yohannesburqdakı müxtəlif məşğuliyyətlər cəlb etməyə başlayırdı. Bunlardan biri onların “Dungeones & Dragons’’ (“Yeraltı dünya və əjdahalar’’ – 1970-ci illərdə fentezi janrında yaranmış masa oyunu – İ.N.) turnirinə getmələri oldu. Onlar rəqabət mühiti yaradıb öncə səhnəni xəyal etməli, sonra da rola girməli idilər. “Bir otağa giribsən, küncdə bir sandıq var. Nə edərsən?.. Sandığı açdın. Bu isə tələymiş! Onlarla şeytanı azadlığa buraxmış olursan!’’ Xalası oğlu Piter Rev İlonu belə xatırlayır: “O, Yeraltı dünyanın Ustası rolunu məharətlə icra edirdi, Div və başqa personajların mətnlərini yaxşı əzbərləyirdi. Qalib gəlmək üçün ona inanılmaz bir xəyal gücü tələb olunurdu. İlon iştirakçılara ilham verirdi’’.
Məktəbdə öyrədilənlər İlon və dostlarına çox da maraqlı gəlmirdi. İlon bir neçə məktəb dəyişdirmişdi. Səkkiz və doqquzuncu sinifləri Bryanston liseyində oxumuşdu. Bir dəfə günorta İlon və Kimbal beton pilləkənlərin üstündə oturub yemək yeyirdilər. Bu vaxt bir həmyaşıdı İlona sataşmaq istədi. Mask istəmədən səhər iclasında oğlanla toqquşmuş, o da bunu böyütmüşdü. Arxadan yaxınlaşıb ayağıyla Maskı başından vurdu və pilləkəndən aşağı itələdi. “Uçaraq’’ yerə düşən Maskı bir neçə nəfər ayaqları ilə vurur, toqquşduğu adam isə başından tutub yerə çırpırdı. Kimbal dəhşətlər içində bu səhnəni izləyirdi. Çox qorxmuş, İlonun öləcəyini düşünmüşdü. Nəhayət, özünü aşağı çatdıranda İlonun qan içində üzü-gözü şişmişdi: “Elə bil boks rinqindən çıxmışdı’’. İlon xəstəxanalıq oldu. Məktəbə ancaq bir həftə sonra başlaya bildi (2013-cü ildə keçirdiyi mətbuat konfransında sifətinə dəyən sərt yumruqlardan sonra burnundan rinoplastika əməliyyatı olunduğunu söyləmişdi).
Maskı döyənlər o hadisədən sonra onu üç-dörd il rahat buraxmadılar. Maskın ən yaxın dostunu İlonla əlaqəni kəsənə qədər sürəkli döydülər: “Bununla da sakitləşmədilər, dostumdan, həm də ən yaxın dostumdan istifadə edərək məni gizləndiyim yerdən çıxarıb döydülər. Acılarım daha da artdı. Çox ağırdı’’. Mask bunları mənə gözü nəmli, səsi titrəyərək danışırdı. “Hansısa bir səbəbdən onlar məni öldürmək istəyirdilər. Yorulmadan illərlə məni təqib etdilər. Yeniyetmə çağlarım çətin keçdi. Ara vermədən bir neçə il zülm etdilər. Məni öldürmək istəyən bu qaniçən dəstə məktəbdə dalımca düşür, “mitilimi yerə sərirdi”, – Mask xatırlayır. – Evdə də vəziyyət ürəkaçan deyildi. Başqa sözlə, sonu görünməyən bir vəhşət içindəydim”.
Yuxarı sinifləri Mask Pretoriyadakı oğlan məktəbində keçirdi. Artıq böyümüş və bərkimişdi, məktəbdəki vəziyyət də yaxşı idi. Həyat nisbətən daha məqbul hala dönürdü. Dövlət məktəbi olaraq açılsa da, yüz ildən çox idi ki, özəl məktəb kimi fəaliyyət göstərirdi. Bu məktəbə oğlanları Oksford və ya Kembricə qəbul olsunlar deyə verirdilər.
Sinif yoldaşları Maskı yaraşıqlı, sakit və elə də fərqlənməyən bir gənc kimi xatırlayırlar. Sinifdə İlonun arxasında oturan Deon Prinsloo belə deyir: “Sinfimizdə dörd-beş nəfərin böyük gələcəyi olduğunu deyirdilər. İlon onlardan biri deyildi’’. O illər bədən tərbiyəsi bir kult halına gəlmişdi. İlonun idmana laqeyd qalması onun yalqızlığına səbəb olurdu. Gideon Furye adlı bir başqa sinif yoldaşı isə onun haqqında bunları söyləyir: “Doğrusu, onun milyarder olacağına heç bir əlamət yox idi. Məktəbdə heç vaxt liderlik edə bilmədi. Onun haralara yüksəldiyini eşidəndə çox təəccüb etmişdim’’.
Maskın yaxın dostları yoxdu. Onun ekssentrik, fərqli maraq dairəsi diqqət çəkirdi. Siniflərindəki Ted Vud İlonun məktəbə raket modelləri gətirib tənəffüsdə onları uçurtduğunu unutmayıb. Bu onun maraqlandığı yeganə sahə deyildi. Dərsdə aparılan müzakirələr zamanı İlon günəş enerjisinin faydalı qazıntılardan daha üstün olduğunu söyləmişdi. Bu, təbii ehtiyatları çıxarmaqla dolanan bir ölkədə ağıla gəlməyəcək bir fikir idi. Ted Maskın hər şey haqda şəxsi fikrə sahib olduğunu söyləyir. Onunla indi də münasibətlərini qorumuş sinif yoldaşı Terensi Beni İlonun məktəbdə başqa planetlərdə koloniyalar yaratmaq fantaziyaları olduğunu xatırlayır.
Gələcəyə başqa bir eyham. İlon və Kimbal tənəffüsdə həyəcanla mübahisə edirlərmiş. Vud söhbətin nədən getdiyini soruşanda ona belə cavab verirlər: “Maliyyə sektoruna bank filiallarının ehtiyacı varmı və kağızsız bank əməliyyatlarına nə zaman keçiləcək kimi məsələlər ətrafında danışırıq’’. Vud “Ooo, nə gözəl’’ desə də, içində bunların tam bir cəfəngiyyat olduğunu düşünmüşdü.
Mask sinfinin elitasında olmasa da, yaxşı qiymətlərlə oxuyurdu və onu kompüter dərsi verilən eksperimental proqrama daxil etmişdilər. Başqa məktəblərdən seçilmiş uşaqlar da vardı bu proqramda. Sinifdə BASIC, COBOL və PASCAL proqramlaşdırma dilləri öyrədilirdi. Maskın texnologiyaya meyli onun elmi fantastika və fenteziyə olan sevgisi ilə tamamlanırdı. O, əjdahalar və qeyri-adi təbiət varlıqları haqda hekayələr, hətta “Üzüklərin hökmdarı’’na bənzər bir şey də yazmaq istəyirdi.
Mey oğlunun məktəb illərinə bir ananın gözü ilə baxır və İlonun möhtəşəm tədris uğurları haqda çox sayda hekayə danışır. Yazdığı kompüter oyununun təcrübəli mütəxəssislərin diqqətini çəkdiyindən, riyaziyyat imtahanını necə uğurla verməsindən söz açır, inanılmaz bir hafizəsi olduğunu söyləyir, sinif yoldaşlarını keçməməsinin səbəbinı məktəbdə öyrədilənlərə marağının olmaması ilə izah edir.
Mask belə deyir: “Mən bu şəkildə düşünürdüm: hansı qiymətləri almalıyam ki, istədiyim yerə qəbul olum. Afrikaans (afrikaans və ya bur dili Cənubi Afrikanın 11 rəsmi dilindən biridir, alman dilinin fərqli ləhcəsidir – İ.N.) kimi məcburi dərs vardı, məsələn. Bu dillə məşğul olmaq mənə gülməli gəlirdi. Qəbul olmaq üçün keçid balı toplayır, fizika və kompüter predmetlərindən mümkün olan ən yüksək bal yığırdım. Yaxşı oxumaq üçün bunu istəmək lazımdır. Yüksək ballar toplamaq yerinə mən kompüter oyunlarını, proqram yazmağı və kitab oxumağı sevirdim. Yadımdadır, dörddə-beşdə oxuyanda bəzi dərslərdən keçə bilmirdim, anamın dostu mənə dedi ki, sinifdə qalacam. Mən, həqiqətən də, bilmirdim ki, sonrakı sinfə keçmək üçün yaxşı qiymətlər almaq lazımdır. Məcbur olub o dərslərdən yüksək ballar topladım’’.
17 yaşında Mask Cənubi Afrikadan Kanadaya köçdü. O bu səyahət haqda mətbuata tez-tez danışır və adətən, bu qaçışın motivasiyasının iki variantını verir. Birinci versiya belədi ki, o ən qısa müddətdə Amerikaya yerləşmək istəyirdi, bunun üçün isə kanadalı köklərindən istifadə edib müvəqqəti dayanacaq kimi Kanadanı seçdi. İkinci “növbətçi’’ versiya isə dünyagörüşü ilə bağlı məsələdir. Cənubi Afrika Respublikasında əsgərlik məcburi idi. Mask isə aparteid rejiminə xidmət etməmək üçün hərbi mükəlləfiyyətdən qurtulmaq istəyirdi.
Mask özünün ən böyük avantürasına başlamazdan əvvəl Pretoriya universitetində beş ay boyunca təhsil almışdı. Ancaq bu fakt çox az yerdə qeyd olunub. O, fizika və maşınqayırma oxuyurdu, amma xüsusi bir həvəs göstərmədi, qısa müddət sonra da universiteti buraxdı. Mask universitetdə Kanada sənədlərini gözləmək üçün oxuduğunu söyləyir. Daha məntiqlı səbəb isə universitetdə veyillənməklə əsgərlikdən yayınması idi. Ehtimal ki, bu xüsus cəsur və romantik obrazı ilə uzlaşmadığı üçün Pretoriya universitetini atmaq faktı heç vaxt dilə gətirilmir.
Mask Amerikaya getməyi uzun zaman həsrətlə gözlədi. Kompüter və texnikaya olan marağı onu dayanmadan Silikon Vadisinə səsləyirdi. Amerikanı ən iddialı layihələrin həyata keçdiyi yer olaraq görürdü. Cənubi Afrikada isə hər şey tam tərsinəydi. Kimbalın ifadə etdiyi kimi, Cənubi Afrika İlon kimilər üçün türmədir.
Köçüb getmək üçün imkan Kanada qanunvericiliyindəki bir dəyişikliklə yarandı. Buna görə Mey Kanada vətəndaşlığını uşaqlarına da keçirə biləcəkdi. Mask vaxt itirmədən hansı sənədlərin toplanmasını araşdırmağa başladı. Kanada hökumətinin icazəsini və yeni pasportu gözləmək bir il vaxt aldı. Mey İlonun “Mən Kanadaya gedirəm’’ deyərək təyyarə biletinin alınmasını səbirsizliklə üç həftə gözlədiyini xatırlayır. Bileti alan kimi tükü belə qımıldamadan evlərini tərk etdi.

3. Kanada
Maskın Kanadaya gedişi çox da yaxşı planlanmamışdı. Təyyarəyə mindi və bəxtinin gətirəcəyinə güvəndi. Kanadaya ayaq basanda 1988-ci ilin iyun ayı idi. Anasının əmisi Monrealda yaşayırdı, çatan kimi küçə telefonundan qohumunu tapmağa çalışdı. Bir şey çıxmayanda anasına zəng etdi. Onun söylədikləri ürəkaçan deyildi. Heç demə, Mey Monreala məktub yazmış, aldığı cavabdan qohumlarının Kanadadan Amerikaya – Minnesotaya köçdüyü məlum olmuşdu. Bu isə Maskın qalmağa yerinin olmadığı anlamına gəlirdi. Əlindəki çantalarla yaxındakı hostelə getdi.
Şəhəri tanımaq üçün bir neçə gün Monrealda qalan Mask gələcək üçün plan qurmağa çalışdı. Meyin Kanadada başqa qohumları da vardı və Mask onları axtarmağa qərar verdi. Yüz dollara ölkənin hər yerində keçən limitsiz avtobus bileti aldı. Bir zamanlar ana babasının yaşadığı Saskaçevana getməyə qərar verdi. 1900 mil (3000 km-dən çox) yol qət edib 15 min əhalisi olan Suift Karrent şəhərinə gəldi. Terminaldan dayısı nəvəsinə zəng edib avtostopla onun evinə getdi.
Mask 1988-ci ili harada gəldi, təsadüfi və müvəqqəti işlərdə çalışaraq keçirtdi. Qohumunun Valdek qəsəbəsindəki fermer təsərrüfatında tərəvəz yetişdirdi, toxum kürəklədi. On səkkiz yaşını oradakı uzaq qohumları və onların qonşuları ilə qeyd etdi. Sonra Vankuverdə taxta-şalban kəsməyi öyrəndi. İşaxtarma bürosuna müraciət etdikdə ona çox ağır bir iş təklif etdilər. Mask maaşı yüksək bir yer axtarırdı və ona saatı 18 dollara qazanxana təmizliyi təklif etdilər. O çətin günləri Mask belə xatırlayır: “Qoruyucu komplekt geyinib sürünərək güc-bəlayla sığdığım dar tunelin içinə girir, oradakı qum, zibil və istidən tüstülənən kömürü girdiyim dəlikdən kürəklə qırağa atırdım. Başqa biri isə atılanları əl arabasına doldururdu. Orada yarım saatdan artıq qalsan, isti səni vurub öldürə bilərdi’’. Həftənin əvvəlində işə 30 nəfər götürmüşdülər. Üç gün sonra beş nəfər qaldı. Həftənin axırına qədər ancaq Mask və 2 kişi dözə bildi.
Mask Kanadadaykən Mey qızı və oğlu ilə ora necə gedəcəkləri haqda düşünürdü. Kimbal və İlon Kanadada görüşəndə sevinclərinin həddi-hüdudu yoxdu – iki inadkar xəyalpərəst üçün çox fürsətlər çıxacaqdı. İlon 1989-da Ontario ştatının Kinqston şəhərindəki Quenn’s universitetinə qəbul olundu. Mask bu universiteti gözəl qız çox olduğu üçün seçdiyini deyir. Boş vaxtlarında Mask Kimballa qəzetlərdən tanış olmaq istədikləri maraqlı adamlarla bağlı məlumat toplayır, telefon açaraq onları birlikdə yemək yeməyə dəvət edirdilər. Təngə gətirdikləri adamlar içərisində “Toronto Blue Jays’’ professional beysbol klubunun marketinq müdiri, Kanadanın gündəlik “The Globe and Mail’’ qəzetinin biznes-şərhçisi və Nova Scotia bankının top-meneceri Piter Nikolson vardılar. Nikolson gənclərin telefon zəngini çox yaxşı xatırlayır: “Görüşmək istəyənlərdən, adətən, qaçmıram. Bu uşaqlarla nahar eləməyə də etiraz etmədim’’. Amma Nikolson ancaq altı ay sonra boş vaxt tapa bildi. Qardaşlar qatarla üç saatlıq yola baxmayaraq vədələşdikləri saatda orada oldular.
İlk görüş Nikolsonda xoş təəssürat yaratı. Hər ikisi özlərini yaxşı təqdim etdilər, son dərəcə nəzakətliydilər. İlon daha xarizmatik və zahirən effektli olan Kimbala “uduzurdu’’, hərzamankı kimi ağır tərpənir və ekssentrikdi. Nikolson çox mütəəssir olmuş, belə məqsədyönlü olmalarına heyran qalmışdı. Nəticədə Nikolson İlona bankda yay təcrübəsi keçməyi təklif etdi. İşçi heyətə rəhbərliyi də Nikolson özü edəcəkdi.
Bu görüşdən qısa müddət sonra İlon Piter Nikolsonun qızı Kristini öz ad gününə dəvət etdi. Kristi Meyin Torontodakı evində keçirilən qonaqlığa əlində evdə hazırlanmış bir banka limon mürəbbəsi ilə gəlmişdi. Kristidən başqa daha 15 dəvətli vardı. İlon Kristini ilk dəfə görürdü. Kristi onun ağzından çıxan ikinci cümlənin “Mən elektrikli avtomobillər haqda çox düşünürəm’’ olduğunu deyir: “Arxasınca da mənim bu haqda fikrimi soruşdu’’. Kristi hazırda elmi-publisistik məqalələr yazır. İlonun onun yaddaşında yaraşıqlı, gülərüzlü və “hər şeyi bilən’’ biri kimi qaldığını söyləyir: “Necə oldusa, mənim könlümü fəth etdi. O çox fərqli idi, məni də elə bu cəhəti ilə cəlb etmişdi’’.
Kəskin xətli almacıq sümüyü və sarışın saçları ilə Kristi tam Maskın zövqünə uyğun idi. Kanadada olduğu müddətdə əlaqəni heç kəsmədilər. Aralarında romantik hisslər yaşanmadı. Ancaq Mask Kristi üçün elə maraqlı idi ki, telefonda onunla uzun-uzadı danışmaqdan doymurdu: “Bir dəfə Mask mənə belə dedi: “Əgər yemək yeməmək mümkün olsaydı, mən daha çox çalışmaq üçün yeməzdim. Kaş ki qidalanmağa əlavə zaman ayırmamaq mümkün olsaydı’’. Bu yaşda işə belə münasibət heyrətləndiriciydi. Əvvəllər buna bənzər heç nə eşitməmişdim”.
Maskın Kanadada daha dərin münasibəti tələbə yoldaşı Castin Uilsonla (Justine Wilson) oldu. Uzun ayaqları və sıx şabalıdı saçları olan Uilson romantikdi, seksual enerji saçırdı. Castin daha öncə özündən böyük bir kişi ilə münasibət yaşamış, amma universitetə girmək üçün ondan ayrılmışdı. O, sonrakı aşiqinin dəri gödəkçəli Ceyms Din (James Dean, 1931–1955 – amerikalı kino aktyoru – İ.N.) kimi ehtiraslı və əhlikef biri olmasını xəyal edirdi. Tale isə elə gətirdi ki, onun qarşısına səliqəli, boylu-buxunlu və yaraşıqlı Mask çıxdı. Mask Castini görən kimi onu görüşə dəvət etdu. İlon onu belə xatırlayır: “Möhtəşəm görünürdü. Həm də çox ağıllıydı, qeyri-adi zəkası vardı. Taekvondo üzrə qara kəmər sahibiydi. Tələbə kampusundakı ən gözəl qız idi’’. Mask yataqxananın önündə onunla toqquşma nömrəsi qurmuş, sonra da guya onu hansısa bir qonaqlıqda gördüyünü uydurmuşdu. Castin də onun dondurma yemək təklifini qəbul etmişdi. Mask Castinin dalınca gələndə qapının üstündə “Təəssüf ki, imtahanlara hazırlaşmalıyam’’ yazısı ilə qarşılaşdığını xatırlayır. Mask onun rəfiqələrindən hansı dondurma sevdiyini öyrənir, bir cüt şokoladlı dondurma ilə Castinin ispan dilinə hazırlaşdığı universitet kitabxanasına gəlir.
Castin bir yazarla ehtiraslı məhəbbət yaşamağı xəyal edirdi: “Hər şeyin Silviya və Ted haqqında yazılmış romandakı kimi olmasını arzulayırdım. Amma gedib məndən əl çəkməyən iddialı bir “hər şeyi bilən’’ə aşiq oldum’’. Patoloji psixologiya dərsindən aldıqları imtahan qiymətlərinə baxırdılar. Castin 97, Mask isə 98 almışdı. Castin, Maskın professorun yanına gedərək qiymətini düzəldərək 100 aldığını söyləyir və əlavə edir: “Sanki bir-birimizlə yarışırdıq’’. Maskın romantik tərəfi də vardı. Bir dəfə Castinə hər gülün üstünə fərqli şeylər yazdığı bir dəstə çiçək və The Prophet (“Peyğəmbər”) kitabını hədiyyə etdi. Castin deyir ki, Mask özünə aşiq etdirməyi yaxşı bacarırdı.
İki gənc universitet illərində tez-tez ayrılıb barışırdı. Mask münasibətləri qorumaq üçün daha çox səy göstərirdi. Mey Castinin öz tərzi olan, “bərkgedən’’ oğlanlarla görüşdüyünü, Maskla heç maraqlanmadığını söyləyir, bunun da Maskı dərindən yaraladığını xatırlayır. Bir neçə dəfə Mask başqa qızlarla münasibət qurmağa cəhd etdi, amma yenə də dönüb Castinə qayıtdı. Castin onunla soyuq davranınca İlon səylərini artırırdı. O deyir ki, əgər telefon durmadan zəng edirsə, bilin ki, bu, Maskdır: “O, “yox’’ sözünü anlamırdı, ondan qırılmaq imkansızdı. Terminatora bənzədirdim onu. Baxışını nəyinsə üstünə cəmləyib “Mənimdir’’ deyirdi. Beləcə, addım-addım məni fəth etdi!”
Universitet Maskın ürəyincə idi. O, sadəcə hər şeyi bilməyə deyil, intellektual imkanlarını qiymətləndirən insanları tapmağa can atırdı. Universitetdəki tələbələr onun alternativ enerji mənbələri, kosmos və beynini məşğul edən başqa şeylər haqdakı mülahizələrini gülüş mövzusuna çevirmirdilər. Mask onu dinləyib ciddiyə alındığı mühitdə idi, bu da onu güclü edirdi.
1990-ın payızında Navaid Faruk (Farroq) adlı Cenevrədə böyümüş bir kanadalı onun yataqxanadakı otaq yoldaşı oldu. Otaqları yataqxananın xaricilər üçün olan hissəsində idi. Burada yerli tələbələr otaqlarını xaricilərlə bölüşürdülər. İlon bu sistemə çox da uyğun gəlmirdi, çünki kanadalı sayılsa da, Kanada haqda anlayışı çox deyildi. Mask belə xatırlayır: “Qonşu otaqda Honkonqdan yaxşı bir oğlan vardı, nümunəvi şəkildə bütün mühazirələrə gedir, bu da mənim işimə yarayırdı. Çünki mən dərslərə mümkün qədər az gedirdim’’. Mask bir müddət pul qazanmaq üçün yataqxanada kompüter və onun ehtiyat hissələrini satdı. “Nə istəsələr yığa bilirdim – ən son oyun avtomatından tutmuş elektron yazı makinasına qədər, həm də mağazadan daha ucuz, – Mask danışır. – Kompüterləri təmir edir, bir sözlə, bütün problemlərini həll edirdim’’. Faruk və Maskı masaüstü strateji oyunlara olan maraq da birləşdirirdi. İlonla dostluğu haqda belə deyir: “Asan dostlaşmırdı, amma bu baş verirdisə, çox sadiq olurdu’’. “Civilization’’ adlı oyun çıxanda dostlar saatlarla bu oyunu oynayır, Farukun istədiyi qız isə yan otaqda darıxaraq onu gözləyirdi. Faruk deyir ki, İlon nəsə bir şeyə maraq salsa, onun xaricindəki dünya dayanır: “Biz o insanlardanıq ki, əylənmədən də yaşaya bilirik. Beynimizdə olan fikirlərimizin yanında olur, sıxılıb darıxmırdıq’’.
Mask universitetdə məktəbdən daha əzmli idi. Biznesin idarəetməsində oxuyur, natiqlik sənəti ilə bağlı müsabiqələrdə iştirak edirdi. İndiki xüsusiyyətlərinin təməli də məhz o dövrdə formalaşmağa başladı. İqtisadiyyat imtahanından sonra Mask, Faruk və dostları yataqxanada təəssüratlarını bölüşürdülər. Çox keçmədən aydın oldu ki, Mask materialı hamıdan daha yaxşı mənimsəyib. Faruk bu haqda belə danışır: “Qrupumuz kifayət qədər güclü idi, buna baxmayaraq İlon ümumi fonda çox seçilirdi. Nə ilə məşğul olsa, işin məğzini daha dərindən qavrayırdı. Onu digərlərindən fərqləndirən də məhz budur’’.
1992-ci ildə Quenn’s universitetində iki il oxuduqdan sonra Mask Pensilvaniya universitetindən təqaüd alaraq Kanadadan Amerikaya köçdü. İlon Ivy League-yə[5 - Ivy League – Sarmaşıq Birliyi, Amerikanın şimal-şərqindəki 8 universitetin daxil olduğu birlik. Bu birliyə daxil olan ali məktəblər mükəmməllik və elit olmaq özəlliyi ilə fərqlənir – İ.N.] daxil məktəbin ona yeni imkanlar açacağına inanır, iki ixtisasa birdən yiyələnib itisadiyyat və fizikadan bakalavr, fizikadan isə magistr diplomları almaq istəyirdi. Castin öz universitetində yazıçı olmaq xəyalına sadiq qalacaq, Maskla əlaqəni kəsməyəcəkdi. Bəzən o, Maskın yanına gəlir, oradan da Nyu-Yorka romantik həftəsonu keçirməyə gedirdilər.
Pensilvaniyada Maskın istedadı və bacarığı daha da üzə çıxmağa başladı. Gələcəyin fizikləri ilə özünü daha rahat hiss edirdi. Bu haqda anası belə danışır: “İlon Pensilvaniyada özü kimi düşünən insanlarla qarşılaşdı. Onların içində də “hər şeyi bilən’’lər vardı. Bu mühitdən inanılmaz həzz alırdı. Bir dəfə onlarla günorta yeməyində bərabər oldum, durmadan fizikadan danışırdılar. “A plyus B bərabərdir pi kvadrat’’ kimi nəsə deyib qəhqəhə çəkirdilər. Onu belə mutlu görmək gözəl idi”. Lakin Mask burda da özünə çox dost tapmadı. Kitabı yazarkən keçmiş tələbələrdən onu xatırlayanları tapmağa çətinlik çəkdim. Təkcə Adeo Ressi adlı bir gənclə yaxın dost oldu. Ressi gələcəkdə Silikon Vadisində iş adamı olacaqdı. O bu gün də İlona kimsənin olmadığı qədər yaxındır.
Ressi qeyri-adi xarici görünüşü olan, 185 sm boyunda arıq bir oğlandı. Başı oxumağa qarışmış, çalışqan və təmkinli Maskın əksinə koloritli və diqqətçəkəndi. Hər ikisi də başqa universitetlərdən gəldikləri üçün onlara birinci kursların qaldığı binada köhnə otaq vermişdilər. Sadə şərait Ressinin gözləntilərinə cavab vermirdi və o, Maskı kampusdan kənarda ev tutmağa razı saldı. Çox ucuz qiymətə onotaqlı bir evi icarəyə götürdülər. Əslində, bu ev hansısa bir cəmiyyətin binasıydı. Həftə içi Mask və Ressi oxuyur, həftənin axırında isə Ressi evi gecə klubuna çevirirdi. İçərini zil qaranlıq etmək üçün pəncərələri zibil torbaları ilə qapadır, divarları parlaq boya ilə rəngləyib əllərinə keçənlərlə bəzəyirdilər. Evi meyxanaya çevirmişdilər; gizlicə içki də verirdilər. Evə beş yüz nəfər sığırdı, hər qonaqdan beş dollar alır, əvəzində isə limitsiz pivə və kokteyllər təklif edilirdi.
Cümə günü axşamlar dinamiklərin gurultusundan ev silkələnirdi. Mey oğluna baş çəkməyə gələndə məcbur qalıb uşaqlara kömək üçün qarderoba baxası olmuşdu. Daha sonra kassa işini də ona tapşırdılar. Kluba giriş haqqını ayaqqabı qutusuna yığırdılar. Hər ehtimala qarşı Mey iki qayçı saxlayırdı.
İkinci ev isə artıq 14 otaqlı idi. Mask və Ressidən savayı, orada başqa birisi də yaşayırdı. Evi müxtəlif masalar, üzəri fanerlə örtülmüş çəlləklər və əşyalarla dekorasiya etmişdilər. Bir gün evə qayıdan Mask Ressinin onun masasını divara dayayıb gün işığında parıldayan bir boya ilə rənglədiyini gördü. Mask masanı qara rəngə boyayıb üstündə dərs çalışmağa davam etdi. Ressi “Bu bizim əyləncələrimiz üçün art-installyasiyadır (məkan kompozisiyasından ibarət modern sənət forması – İ.N.)’’ desə də, illər sonra Maska o münaqişəni xatırladanda quru bir cavab vermişdi: “O, çalışma masası idi’’.
Mask spirtli içki az içirdi: aradabir araq, özü də koka-kola ilə qarışdıraraq. İçkiyə meyli yoxdu, dadını da ki heç sevmirdi. Mask ovaxtkı gecə əyləncələri haqda belə deyir: “Birimizin ayıq qalmağımız lazım idi. Mən təhsilimin pulunu özüm ödəyirdim, evdəki gecə klubunda isə bir axşam ərzində bir aylıq təhsil haqqımı qazana bilirdim. Adeo Ressi evin tərtibatına cavabdehdi, gecə əyləncəsi isə mənə bağlı idi’’. Ressi İlonun dünyada tanıdığı ən düzgün adam olduğunu deyir və əlavə edir: “O heç vaxt içməzdi. Əsla oyun çıxardıb problem yaratmazdı. Heç vaxt. Heç nə’’. Amma Maskın ən zəif yeri bilgisayar oyunları idi, Ressi onun bəzən bir neçə gün dalbadal oyun oynamaqdan “sərxoş’’ olduğunu söyləyir.
Pensilvaniyada Maskın Günəş enerjisinə və alternativ enerji mənbələrinə olan əvvəlki marağı daha da artdı. 1994-cü ilin dekabr ayında dərslərdən biri üçün biznes-plan hazırlamalı idi. Nəticədə ortaya “Günəş enerjisindən istifadənin vacibliyi’’ adlı elmi məruzə çıxdı. Məruzə Maska xas olan bir ironiya ilə başlayırdı. Səhifənin üst tərəfinə belə yazmışdı: “Günəş sabah doğacaq’’ – bərpa edilən enerji haqda, Kiçik Orphan Annie”[6 - Orphan Annie (Yetim Enni) – məşhur amerikalı şair Ceyms Raylinin (James Whitcomb Riley, 1849–1916) şeirinin bir qəhrəmanı – İ.N.]. Məruzə yeni materialların yaranması və irimiqyaslı günəş enerjisi texnologiyalarının inkişafı ilə günəş energetikasının rolunun artması haqdadır. Mask təfsilatı ilə günəş batareyalarının necə çalışması və onların effektivliyinin artırılmasından yazıb. Məruzə gələcəyin enerji stansiyasının təsviri ilə bitir. Stansiya kosmosa göndərilmiş iki nəhəng günəş batareyasından ibarətdir, onlar enerjini Yerə (diametri yeddi km olan qəbuledici antenə) mikrodalğalar vasitəsilə göndərir. Professor “çox maraqlı və yaxşı yazı’’ hesab etdiyi araşdırma üçün Maska 98 bal verdi.
Maskın ikinci məruzəsi kitab və yazılı sənədlərin “skan’’ olunaraq məlumatların optik tanınması və onların vahid bazada (bugünkü Google Books ilə Google Scholar arasında orta bir şey) toplanması haqda idi. Üçüncü məruzə isə Maskın başqa bir sevdiyi mövzuya – ionistor və ya superkondensatorlara (orqanik və ya qeyri-orqanik elektrolitli kondensatorlar – İ.N.) həsr olunmuşdu. Qırx dörd səhifəlik coşqu dolu yazıda Mask enerjinin yeni saxlanma şəklindən bəhs edir. Bu yenilik gələcəkdə avtomobil, təyyarə və raketlərdə istifadə olunacaq. Mask Silikon Vadisindəki son araşdırmalara istinad edərək belə yazır: “Son hədəf böyük miqdarda elektrik enerjisinin saxlanması üçün yeni vasitələr tapmaqdır. Onlar akkumulyator batareyaları ilə yanacaq elementlərindən prinsipial olaraq fərqlənir. Digər tərəfdən, superkondensatorlar kondensatorların əsas xassələrini qoruduğu üçün onlar enerjini eyni ağırlıqdakı adi batareyadan 100 dəfə daha sürətlə buraxır, o sürətlə də enerji ilə yüklənə bilir’’. Ona bu məruzəsinə görə 97 bal verdilər, “mükəmməl hesablamalar’’ və “olduqca əsaslı analız’’ə görə də təqdir aldı.
Professorlar təqdirlərində haqlı idilər. Maskın aydın, lakonik üslubu məntiqlə məşğul olan filosofun bir nöqtədən digərinə ardıcıl və əmin hərəkətinə bənzəyirdi. Onu fərqləndirən cəhət mürəkkəb fiziki konseptləri biznes-planlara daxil etmək bacarığı idi. Bununla bərabər, o, elmi ideyanı məharətlə gəlirli bir müəssisəyə çevirir, nadir istedad nümayiş etdirirdi.
Universitetdən məzun olub nə işlə məşğul olacağını düşünəndə Maskın ağlına kompüter oyunları sferasında çalışmaq gəldi. Zatən uşaqlıqdan bu işə mübtəla idi. Ancaq bunun böyük hədəf olmadığına qərar verdi: “Mən, həqiqətən də, kompüter oyunlarını sevirəm, amma dünyanın ən çılğın oyunlarını yaratsam, onlar dünya işlərinə necə təsir edəcək və ümumən dünyaya nə verəcək? Heç nə. Mən kompüter oyunlarını karyeramı məhdudlaşdıracaq səviyyədə sevmirəm’’.
Mask söhbətlərində o dövr üçün böyük planlarının olduğunu xatırlayır. Onun sözlərinə görə, Quenn’s və Pensilvaniya universitetlərindəki xəyalları eyni şeylər idi – internet, bərpa edilən enerji və kosmos. O belə hesab edirdi ki, bu üç sahəni ciddi dəyişikliklər gözləyir və onların bazar iqtisadiyyatında önəmli payı olacaq. Və Mask bu 3 sahədə böyük layihələr həyata keçirmək üçün and içdi. Sonralar belə etiraf edəcəkdi: “Bu ideyalar haqda qız dostlarıma və keçmiş arvadıma danışırdım. Yəqin ki, söylədiklərim bir dəlinin sayıqlamaları kimi səslənirdi’’.
Mask elektromobil, günəş enerjisi və raketlərə olan ifrat aludəliyinin səbəbləri haqda uzun-uzadı danışır. Sanki o özünün həyat hekayəsini zorla bu istiqamətdə şəkilləndirmək istəyir. Ancaq Mask üçün bir şeylə “təsadüfən məşğul olmaq’’la bir şeyə “can atmaq’’ arasındakı fərq olduqca prinsipialdır. Mask uzun müddətdir ki, dünyanın onunla Silikon Vadisindəki adi bir sahibkar arasındakı fərqi bilməsini istəyir. O, trendləri qoxulayaraq zəngin olmağa çalışmırdı. O, əsas, ümumbəşəri suallara cavab axtarırdı: “Mən bu suallar ətrafında universitetdə baş sındırırdım. Bunlar sonradan uydurulmuş hekayə deyil. Mən trend dalınca qaçan deyiləm, konyunktura adamı deyiləm, avantürist deyiləm. Mən investor da deyiləm. Gələcək üçün önəmli və faydalı olacağını düşündüyüm texnologiyaları həyata keçirmək istəyirəm’’.

4. İlonun ilk startapi
1994-cü ilin yayında Maskla qardaşı Kimbal əsl amerikalı olmağa qərar verdilər. Onlar ölkə içində səyahətə çıxdılar.
Kimbal College Pro Painters şirkətinin distribüteri idi, işləri yaxşı gedirdi. Oradakı hissəsini satdı, əlinə keçən pulu Maskdakı ilə birləşdirərək 1970-ci il modeli olan BMW 320i avtomobili aldılar. İki qardaş səyahətlərinə Kaliforniyada istilərin artdığı avqust ayında San-Fransiskodan başladılar. İlk dayanacaqları Mojave səhrasında yerləşən Needles şəhəriydi. Kondisionersiz maşında 49 dərəcə istiyə tab gətirməli oldular. Saatlarla yol kənarındakı “Carl’s Jr.’’ fast-fudlarında sərinləyərək dincəlirdilər.
Səyahət iyirmiyaşlı “avaragorlara’’ arsız oyunlar çıxarmağa, varlanmaq haqda xəyallar qurmağa imkanlar verdi. Yahoo! axtarış xidməti və Netscape web brauzeri-nin populyarlaşması sayəsində internet həyatımıza daha fərqli girirdi. İnternet həvəsi qardaşları yamanca sarmışdı, “Web’’ üstündən nəsə etmək üçün şirkət açmağa hazırlaşırdılar. Kaliforniyadan Koloradoya istiqamət götürdülər; avtomobilin pəncərəsindən Vayominq, Cənubi Dakota və İllinoysun işıqları sayrışır, onlar növbə ilə maşın sürür, yolboyu beyin fırtınasında yarışır, lovğalanır və xəyallar qururdular. Təhsilini davam etdirmək üçün Maskın payızda şərqə geri dönməsi lazımdı. Səyahətdə ağıllarına gələn ən yaxşı ideya həkimlər üçün onlayn şəbəkə qurmaq oldu. Elektron tibbi kartlar kimi iddialı bir şey düşünməmişdilər, söhbət sadəcə olaraq həkimlərin öz aralarında informasiya mübadiləsi aparıb əlaqə quracaqları bir sistemdən gedirdi. Kimbal belə xatırlayır: “Tibb sahəsində əlaqələrin tənzimlənmədiyini gördük. Mən biznes-plan hazırlamağa başladım, satış və marketinqi planladım, amma nəsə baxdıq ki, olmur. Bəyənmədik bu ideyanı’’.
Mask yayın əvvəlində Silikon Vadisində təcrübə keçməyə başlamışdı. Gündüzlər Pinnacle Research institutunda çalışırdı. Los-Gatosda yerləşən institut güclü alimlər komandasından ibarət startapdı. Onlar elektrikli və hibrid nəqliyyat vasitələri üçün inqilabi sayıla biləcək superkondensatorları yanacaq mənbələri kimi araşdırırdılar. Bəzən araşdırmaları konseptual səviyyədə daha ekzotik sahələrə çevrilirdi. Mask superkondensatorların “Ulduz savaşları’’ (ing. Star Wars, Georg Lucas-ın kultlaşmış fantastik filmi – İ.N.) və başqa futurustik filmlərın ən yaxşı ənənələrini özündə birləşdirən lazer silahları istehsal etmək haqda saatlarla danışa bilirdi. Lazer silahlarının güclü energetik yüklə atəş etməsi mümkündü. Nişançı superkondensatorları patron darağı kimi dəyişərək atışa davam edəcəkdi. Superkondensatorlar raketlərin güc qaynaqları kimi də istifadə oluna bilərdi. Onlar batareyalardan fərqli olaraq uçuş zamanı yüklərə daha dayanıqlı və daha uzunömürlü idilər. Orada çalışmaq Maskın çox xoşuna gəlmişdi, universitetdəki proqramına görə eksperimentlər keçirir, öz fantaziyalarına dalırdı.
Axşamlar isə Mask kompüter oyunları hazırlayan Palo-Altodakı Rocket Science Games startapına gedirdi. Şirkət daha çox informasiya sığsın deyə oyunları kartriclərdən CD-lərə köçürdərək yeni səviyyəyə çıxmağa çalışırdı. CD-lər oyunlara Hollivud tərzi nəqletmə şəkli və keyfiyyət gətirəcəkdi. Bunun üçün istedadlı mühəndis və kino xadimlərindən ibarət qarışıq bir komanda yığılmışdı. Burada sonralar Apple-da iPhone və iPad kimi cihazların yaradıcılarından Toni Fadel, habelə QuickTime multimedia platformasının qurucuları çalışırdılar. Şirkətdə “Ulduz savaşları’’ üçün xüsusi effektlər hazırlayan Industrial Light & Magic çalışanları və LucasArts Entertainment-də oyunlar yazan gənclər də vardı. “Rocket Science’’ Maska Silikon Vadisinin gələcəkdə ona nə təklif edəcəyini anlamağa şərait yaratdı. Onlar gündə 24 saat çalışırdılar. Maskın saat 17-də ikinci işinə gəlməsinə kimsə təəccüb etmirdi. Şirkətin qurucularından avstraliyalı mühəndis Piter Barrett o günləri belə xatırlayır: “Biz İlonu işə sadə, aşağı dərəcəli kodlar yazmaq üçün götürmüşdük. Özünə güvənirdi və soyuqqanlı idi. Bir müddət sonra kimsə ona tapşırıq vermədi və o artıq öz istədiyi işi görürdü’’.
Mask müxtəlif kompüter oyunları üçün coystik drayverləri və mauslar üzərində çalışırdı. Bu proqramlar printeri kompüterə “tanıtmaq’’ üçün istifadə etdiklərimizə bənzəyir. Onları yazmaq iyrənc və maraqsız işdir. Proqram yazmağı özü öyrənmiş Mask kifayət qədər yaxşı mütəxəssisdi və daha iddialı işlər istəyirdi. Ovaxtkı günlər Maskın yaddaşında belə qalıb: “Mən bərabər zamanlı funksiyaların necə yerinə yetirildiyini anlamağa çalışırdım. Bunun sayəsində eyni anda həm CD-dən video izləmək, həm də oyun oynamaq mümkün olacaqdı. O zamanlar sadəcə birini etmək mümkündü. Assemblerdə proqram yazmaq heç də asan deyildi’’. Həqiqətən də eləydi. Kompüterin əsas mikroprosessoruna komanda verməklə Mask maşının çalışması üçün həm də bütün digər funksiyaları idarə etməli idi. Apple QuickTime-ın aparıcı mühəndisi Bryus Lik Maskın gecələr çalışmasına heyrandı: “Tükənməz enerjisi vardı. İndikilərin ona çatmasına çox var. Kompüter hakeri idi, çətin işləri çözmək onu ürkütmürdü’’.
Silikon Vadisində Mask imkan və iddialarına cavab verən iş tapdı. İki il dalbadal yay aylarını burada keçirtdi. Pensilvaniya universitetinin 2 ixtisas üzrə diplomunu alan kimi Amerikanın qərbinə qaçdı. Əvvəlcə Stanford universitetində materialşünaslıq və fizika sahəsində elmlər doktoru dərəcəsi alacaq, Pinnacle-da başladığı superkondensatorlar üzərində araşdırmalarını davam etdirəcəkdi. Ancaq Stanfordda yalnız iki gün qala bildi – internet durmadan onu özünə çəkirdi. “Ümumdünya hörümçək toru”nu birlikdə fəth etmək üçün Kimbalı da Silikon Vadisinə səslədi.
İnternet biznesinın gələcəyini Mask hələ təcrübə keçərkən sezməyə başlamışdı. Startap şirkətlərindən birinin ofisinə Yellow Pages-dən (şirkətlərin telefon və adreslərinin məlumat kitabçası – İ.N.) bir satıcı gəlmişdi. Ziyarətçi qalın masaüstü kitablar yerinə “onlayn reyestr’’ ideyasını satmaq istəyirdi. Satıcı hazırlıqlı biri deyildi, internetin nə olduğunu yaxşı bilmir, istədiyin adresi şəbəkədə tapmaq yolları haqda fikirləri zəifdi. Bu mövzü Maskı düşünməyə sövq etdi, Kimbala zəng edərək şirkətlərə internetə çıxış üçün yardım ideyasını söylədi.
Kimbal İlonun “Bu oğlanlar heç özləri də bilmirlər nə danışırlar. Bəlkə, özümüz bu işlə məşğul olaq?’’ dediyini xatırlayır. 1995-ci ildi, iki qardaş Global Link Information Network adlı startapı açmaq üzrə idilər. Daha sonra şirkətin adı Zip2 olaraq dəyişdiriləcəkdi.
Zip2-nin ideyası dahiyanə idi. 1995-ci ildə kiçik müəssisələr internetin onlara nə verəcəyini anlamırdı. Onlar internet dünyasına necə girəcəkləri haqda heç bir fikrə sahib deyildilər. Öz saytlarının olmasının dəyərini də anlamırdılar. Maskla qardaşı ümid edirdilər ki, restoran, mağaza, bərbərxana və başqalarını internetdə özlərini tanıtma vaxtının gəldiyinə inandıracaqlar. Zip2 xəritəyə bağlı bir onlayn biznes-kataloq olmalıydı. Mask deyirdi ki, hər kəs yaxındakı “pizza”çının adresini bilməyə və oranın yolunu tapmağa çətinlik çəkməməlidir. Bu gün bundan təbii heç nə ola bilməz. Amma o vaxt heç kim belə bir xidməti xəyal belə edə bilmirdi.
Qardaşlar Zip2-ni Palo-Altodakı Şerman avenyu, 430 nömrəli adresdə təsis etdilər. Onlar 70 m2-lik bir ofis kirayələyib mebel aldılar. Üçmərtəbəli binanın qəribəlikləri vardı. Lifti yoxdu, kanalizasiya xətti isə tez-tez tutulurdu. Çalışanlardan biri buranın iş yeri kimi zay yer olduğunu deyir. Mask sürətli internet üçün Rey Jirar adlı bir sahibkarla müqavilə imzalayır. Onun ofisi bir mərtəbə aşağıdaydı. Jirarın dediyinə görə, Mask divarı dəlmiş, internet-porvayder üçün alt mərtəbədən yuxarı ethernet-kabel çəkmişdi. Onun sözlərinə görə, Mask aylıq abunə haqqını bir neçə dəfə gecikdirsə də, əsla borclu qalmazdı.
Mask proqramlar yazır, daha ünsiyyətcil Kimbal isə qapı-qapı dolaşaraq müştərilərin sayını artırmağa çalışırdı. San-Fransisko körfəzində yerləşən bütün şirkətlərin adı və telefon nömrələrinin toplandığı məlumat bazasını Mask ucuz bir lisenziya ilə satın aldı. Daha sonra o, Natveq şirkəti ilə kontakta keçdi. Bu şirkət ilk GPS naviqatorlarda istifadə olunan digital xəritə və marşrutlara yüzlərlə milyon dollar xərcləmişdi. Mask bu şirkətlə uğurlu danışıqlar apardı. Kimbalın sözlərinə görə, Natveq öz texnologiyasını onlara pulsuz-parasız verdi. Mask iki məlumat bazasını birləşdirdi, sadə, amma canlı bir sistem əmələ gəldi. Zaman keçdikcə Zip2-nin mühəndisləri ilk məlumat bazasını daha geniş rayonları əhatə edən xəritələr və PC-lərdə də marşrutları göstərən sistemlə təkmilləşdirdilər.
Errol Mask uşaqlarına kömək etmək üçün onlara 28 min dollar vermişdi. Buna baxmayaraq ofisin icarəsi, proqram təminatına lisenziya və bəzi avadanlıqlar alındıqdan sonra qardaşlar hardasa pulsuz qaldılar. Zip2-nin qurulduğu ilk üç ayı Mask qardaşı ilə ofisdə yaşadı. Əşyalarını kiçik bir şkafda saxlayır, duşu isə qonşuluqdakı idman salonunda alırdılar. Bəzən gündə dörd dəfə yaxınlıqdakı 24 saat açıq olan Jack In The Box kafesində yeyirdilər. Kimbal o kafeni belə xatırlayır: “Bir dəfə meyvə kokteyli aldım, içində nəsə üzürdü. Çıxarıb atandan sonra içməyinə içdim, amma ayağım bir də ora dəymədi. Menyuları isə hələ də yadımdadır’’.
Daha sonra qardaşlar ikiotaqlı mənzil tutdular. Mebelləri yoxdu, yerə atılmış döşəyin üstündə yatırdılar. Mask bir cənubi koreyalı mühəndisə yemək və gecələmək qarşılığında Zip2-də iş verdi. Kimbal o adamı belə xatırlayır: “Zavallı elə bilirdi ki, böyük bir şirkətə işə düzəlib. Amma nəticədə gördü ki, bizimlə yaşayır, hara düşdüyünü anlamırdı’’. Bir dəfə işə Maskın BMW 320i markalı maşını ilə gedərkən təkərlərdən biri yolda yerindən çıxdı. Page Mill ilə El Caminonun kəsişdiyi yerdə maşının mehvəri asfalta saplandı. Əmələ gələn çuxur bir neçə il orada qalmışdı.
Zip2 informasiya erasını hədəfə almış perspektivli bir internet-müəssisə idi, amma satış köhnəlmiş üsullarla həyata keçirilirdi. Qapı-qapı dolaşaraq müəssisə rəhbərlərini inandırmaq, şəbəkənin faydalarını izah etmək, hətta qılıqlarına da girmək lazımdı. Çünki onlar görünməyən bir şey üçün pul ödəməli idilər. Mask qardaşları 1995-ci ilin sonunda ilk müştərilərini əldə etməyə başladılar, arxasınca isə satış qrupunu formalaşdırdılar. Zip2-nin ilk işçilərindən biri Ceff Heilman adlı 20 yaşında azad ruhlu, həyatını veyillənərək keçirən bir gəncdi. Atası ilə televizorda reklam çarxının sonunda veb-adresi görürlər. Heilman deyir ki, bu, “.com’’-lu bir şeydi, atama nə olduğunu soruşdum, o da bilmirdi: “O zaman anladım ki, internetin nə işə yaradığını öyrənmək lazımdır’’. Heilman bir neçə həftə tanıdıqları adamlardan internet haqda məlumat topladı, “San Jose Mercury News” qəzetində gördüyü bir elanla iş üçün müraciət etdi. Heilman və bir para başqa adam satış bölümünə işə alındılar.
Mask, demək olar ki, ofisdən kənara çıxmırdı. İş masasının altında, lobya torbasının üstündə yatırdı. Heilman belə deyir: “Hər səhər səkkizin yarısı ilə səkkiz arasında işə gələndə onu torbanın üstündə yatan görürdüm. Əmin deyiləm, amma, yəqin, heç olmasa, bazar günləri çimirdi’’. Mask Zip2-nin əməkdaşlarına işə gələn kimi onu oyatmağı tapşırmışdı. Oyanan kimi də qalxıb çalışmağa başlayırdı. İlon proqram kodlarını yazır, Kimbal isə ehtirasla satışa girişirdi. Hər şeyə rəğmən Kimbal çox nikbin idi, işçilərin kefini açır, onları motivasiya edirdi. O, Heilmanı Stanford hipermarketi ilə Palo-Altonun əsas cazibə mərkəzi olan Universitet prospektinə göndərirdi. Onun vəzifəsi pərakəndə satış ticarətçilərini Zip2 ilə çalışdıqları zaman reytinqlərinin qalxacağına inandırmaqdı. Təbii ki, heç kim buna inanmırdı. Həftələrlə Heilman çox sayda qapı döyür, amma hər səfərində ofisə əliboş qayıdırdı. Eşitdiyi tək cümlə “İnternetə reklam vermək ən səfeh şeydir’’ idi. Mağaza sahibləri çox vaxt heç danışmaq belə istəmir, onları rahat buraxmalarını tələb edirdilər. Nahar fasiləsi yaxınlaşanda qardaşlar pulları saxladıqları siqar qutusuna baxır, Heilmanı çağırıb soruşur, ürəkaçan cavab ala bilmirdilər.
Kreyq Mor adlı əməkdaşlardan biri əvvəllər daşınmaz əmlakla məşğul olmuşdu. O, reklama daha çox pul xərclədikləri üçün avtomobol dilerlərini dolaşmağa başladı. Mor avtomobil satan qalereyalara Zip2-nin əsas veb-saytı olan www. totalinfo.com haqda məlumat verib bu saytda qeydiyyatdan keçəcəyi halda onlara olan tələbatın artacağını söylədi. Mor danışdıqlarını nümayiş etdirməyə başlayanda əsas səhifələr yavaş açılır, bu da marağın azalmasına səbəb olurdu. Bu da Zip2-nin potensialını xəyal etmələri üçün Moru danışmaq məcburiyyətində qoyurdu. Mor yaşadığı bir hadisəni belə anlatdı: “Bir gün ofisə əlimdə 900 dollarlıq çeklə gəldim və onlardan bu pulu neyləyəcəyimi soruşdum. İlon klaviaturalara işgəncə verməyi buraxdı, başını monitorun arxasından çıxarıb belə dedi: “Ola bilməz!”
Mask Zip2-nin proqram keyfiyyətini yüksəltdikcə çalışanların ruh yüksəliyi də artırdı. Artıq konseptləri təcrübə nümunəsi olmaqdan çıxmış, prezentasiya edilib istifadəyə hazır real məhsula çevrilmişdi. Marketinqin incəliklərini mənimsədikcə Mask qardaşları göstərdikləri xidmətin effektli olmasını istədilər. İlon standart PC üçün iri bir futlyar düzəldib onu təkərli bir oturacağın üstünə yerləşdirdi. Potensial müştərilərə şou göstərməyə başladılar – Zip2 sanki proqramları superkompüter üzərindən çalışdırırdı. Kimbal bunun investorlarda ciddi təəssürat yaratdığını deyir. Heilman isə müştərilərin Maskın işinə olan sevgi və bağlılığına vurulduqlarını xatırlayır: “Mask üzü sızanaqlı gənc bir yeniyetməydi, amma əzmkarlığı və daxili enerjisi aşıb-daşırdı. O belə hesab edirdi ki, başladığın işi mütləq sona çatdırmalısan və əgər bunu etməsən, həyatının önəmli bir fürsətini itirmiş olacaqsan. İnvestorlar Maskın bu platformanı qurmaq üçün həyatını verməyə hazır olduğunu görürdülər’’. Mask onlardan birinə belə demişdi: “Mən samuray kimiyəm. Uduzmaqdansa, xarakiri edərəm’’.
Mask Zip2-nin hazırlıq mərhələsində dramatik vəziyyətləri yumşaldıb çıxış yolu göstərən etibarlı bir şəxslə dostluq etməyə başladı. Greg Kouri 30–35 yaşlarında kanadalı bir biznesmendi. Maskla Torontoda tanış olmuş, ona inanmış və Zip2-nin “beyin həmləsi’’ qrupuna daxil edilmişdi. Bir səhər Mask qardaşları Kourinin evinin kandarında dayanıb ona Kaliforniyaya gedərək şəxsi bizneslərini açmaq istədiklərini bildirdilər. Qırmızı sabah xalatında olan Kouri evə girib altı min dollarla geri qayıtdı. 1996-nın əvvəlində o da Kaliforniyaya köçdü və Zip2-nin təsisçisi oldu.
Kouri keçmişdə daşınmaz əmlak işində təcrübə toplamış, insanları yaxşı tanıyan biri idi. O, Zip2-də baş məsləhətçi vəzifəsini icra edirdi. Kouri Maskı sakitləşdirməyi bacara bilirdi və nəticədə onun, bir növ, müəllimi, ağsaqqalı oldu. Gələcəkdə Zip2-nin CEO-su olacaq iş adamı Derek Proudian Greg haqda belə deyir: “Çox ağıllı insanlar bəzən anlamırlar ki, hər adam onlara yetişə bilmir. Greg İlonun dinlədiyi nadir insanlardan biri idi. Onun sayəsində İlon situasiyaları daha dolğun şəkildə görürdü’’. Kourinin bir başqa işi də İlon və Kimbal arasındakı mübahisələrdə hakimlik eləməkdi.
Kimbal özü haqda belə deyir: “Mən artıq heç kimlə dalaşmıram, amma İlonla davalarımızı sülhlə nəticələndirə bilmirik’’. İşlə bağlı bir qərar ucbatından yaranan şiddətli münaqişədə Maskın yumruğundakı dəri üzülmüşdü və o, tetanus peyvəndi vurdurmağa məcbur olmuşdu. Kouri bu hadisədən sonra belə davalara son qoydu. Kouri Maskın şirkətlərinə xeyli yatırım qoydu. O, 2012-ci ildə 51 yaşında ürək çatışmazlığından vəfat etdi. Mask onun dəfn mərasimində şəxsən iştirak etmişdi. Kimbal “Ona şox şey borcluyuq’’ deyir.
1996-cı ilin əvvəlində Zip2 ciddi dəyişikliklərə məruz qaldı. Mohr Davidow Ventures adlı investisiya şirkəti iki cənubi afrikalı oğlanın internet üçün Yellow Pages hazırlamaq istədiyini eşidib qardaşlarla görüşdü. Prezentasiya təcrübəsi hələ az olsa da, Mask şirkətini kifayət qədər yaxşı tanıtmağa müyəssər oldu. İnvestorlar onun enerjisinə mat qaldılar. Mohr Davidow Ventures Maskın şirkətinə üç milyon dollar[7 - Mask qardaşları bu mərhələdə özlərini pulgir iş adamları kimi aparmadılar. İnvestor Steve Jurvetson belə demişdi: ‘’Şirkətlərinin 25 faizi üçün cəmi 10 min dollar istədilər. Bu çox kiçik bir rəqəm idi. 3 milyonluq yatırımı eşidəndə ‘’Mohr Davidow’’un onların iş planını həqiqətən də oxuduğunu şübhə altına aldım. Amma iki qardaş bu pulu almağa nail olmuşdu’’.] yatırmağa qərar verdi. Məhz bu yatırımdan sonra Global Link adı dəyişərək Zip2 oldu. Şirkət Palo-Altoda, Kembric-avenyu (Cambridge Ave), 390 adresindəki daha böyük ofisə köçdü, işə yeni istedadlı mühəndislər cəlb edildi. Digər tərəfdən Zip2 özünün biznes-strategiyasını dəyişdi. Şirkət o dövr üçün ən yaxşı internet-axtarış sistemini qurmuşdu. Mask San-Fransisko ilə kifayətlənməyib bu texnologiya ilə bütün ölkəni əhatə etməyə başladı. Lakin əsas aksent fərqli bir başlanğıca ediləcəkdi. Zip2 göstərdiyi xidmətləri qapı-qapı dolaşaraq satmaq yerinə qəzetlər üçün xüsusi proqram hazırladı. Bunun sayəsində onlar əmlak kataloqları, avtomobil və tematik elanlar hazırlayacaqdılar. Nəşriyyatlar gec də olsa, internetin biznesə təsirini anlamağa başlayırdı. Qəzetlər öz texnologiyalarını yaratmadan Zip2 ilə sürətlə şəbəkəyə onlayn bağlanacaqdı. Mask və Zip2-ni daha böyük qənimət – Ümummilli kataloqlar şəbəkəsindən pay gözləyirdi.
Şirkətdəki bu dəyişikliklər Maskın həyatında dönüş nöqtəsi oldu. İnvestorlar Maskı texnologiyalar üzrə direktor, Riç Sorkini isə CEO təyin etmək istədilər. Sorkin əvvəllər səs sistemləri istehsal edən Creative Labs-da çalışmış, internet-startaplara investisiyalar yönəldən biznesin inkişafı qrupuna rəhbərlik etmişdi. Zip2 investorları onu təcrübəli və internetdən yaxşı anlayan bir adam kimi tanıyırdılar. O vaxt Mask bu təyinatlara etiraz etmədi, amma sonradan Zip2 üzərində kənar nəzarətdən çox məyus olacaqdı. Zip2-nin texniki işlər üzrə vitse-prezidenti Jim Ambras olanları belə xatırlayır: “Orada işlədiyim dövrdə məni ən çox pərt edən Maskın şeytanla – Mohr Davidov-la anlaşma imzalaması oldu. İlon biznesə həlledici təsir gücünü itirdi. Artıq CEO olmaq istəyirdi’’.
Ambras Hewlett-Packard Labs və Silicon Graphics Inc. şirkətlərində çalışmış yüksək səviyyəli bir professionaldı. Zip2-yə birinci dalğa investisiyalardan sonra gəlmişdi. Silicon Graphics Hollivud tərəfindən bəyənilən keyfiyyətli kompüterlər istehsal edirdi. Öz dövrünün ən cazibədar şirkəti idi, ətrafına Silikon Vadisinin kompüter fanatlarını toplamışdı. Ambras onların ən ağıllı olanlarını tovlayıb Zip2-yə gətirməyə söz vermişdi. O, xatirələrində İlonun Silicon Graphics-dən ən yaxşıları cəlb etməyimizdən məmnun olduğunu qeyd edib.
Mask kod yazmağı özü öyrənmişdi. Buna baxmayaraq bu sahədə böyük uğurlar qazandı. Amma onun səriştəsi işə yeni götürülən mühəndislərlə müqayisədə heç də mükəmməl deyildi. Yeni işçilər Zip2-nin kodlarını görən kimi proqram təminatını yenidən yazmağa başladılar. Mask buna əsəbiləşirdi. Ancaq dəyişikliklər daha effektivdi. Onlar yazılacaq proqramı hissələrə bölürdülər, çünki sonradan bunları dəyişmək və üstündə düzəliş etmək xeyli asanlaşırdı. Mask öz-özünə öyrənənlərin düşdüyü klassik tələyə düşmüşdü – o, kodun əsas hissələrini yazdığı üçün çox vaxt proqram naməlum səbəblərdən çalışmırdı. Yeni əməkdaşlar mühəndis qrupuna daha mükəmməl iş strukturu gətirdilər. Yeniliklər Maskın çalışma prinsipindən daha faydalı idi. Mask, adətən, bir tapşırıq verir, sonra da mühəndislərdən bir neçə gün non-stop rejimində işləmək tələb edirdi. Vəziyyəti Ambras belə xatırlayır: “İlondan tapşırığın nə zaman yerinə yetirilməsini soruşanda o, bir saatdan çox müddət verməzdi. Biz artıq bilirdik ki, “bir saat’’ bir və ya iki gün deməkdir. Əgər “bir gün’’ desə, bu da bir-iki həftə anlamına gəlirdi’’.
Zip2-nin qurulması və inkişaf edərək böyüməsini görmək Maskın özünə olan inamını artırırdı. Məktəb yoldaşı Terens Beni Kaliforniyaya İlonu ziyarətə gələndə onun xarakterinin dəyişdiyini gördü. Maskın anası şəhərdə bir ev tutmaq istəyirdi. Ev sahibi isə qadına maneələr yaradırdı. İlon adama “Əgər sən kiməsə problem yaratmaq istəyirsənsə, bunu mənə edə bilərsən’’ demişdi. Terens onun bu soyuqqanlı rəftarına çox təəccüblənmişdi. Çünki İlonu əsəblərinə hakim olmayan biri kimi tanıyırdı: “İndi isə qarşımda özünə güvənən, vəziyyəti nəzarətdə saxlayan gənc bir adam dururdu’’. Castin onun xarakteri ilə bağlı bunları deyir: “İlon o insanlardan deyil ki, “Sizi anlayıram, fikrinizlə razıyam’’ desin. Onda belə şey yoxdur. Mask anlamır ki, ona təbii görünən şey başqasına məqbul deyil. O, 20 yaşlı gəncin özündən böyük birinin planlarını pozmağın və ya səhvlərini üzünə vurmağın ədəbsizlik olduğunu təzə öyrənməyə başlayır. O öz davranış qaydalarına görə yaşamağa alışıb. Zənnimcə, onun üçün əsas olan strateji düşünmək və zəkadır”. Mask gənc mühəndisləri tənqid edib onları cana doydurmağa meyilli idi. Zip2-nin kreativ direktoru Diris Dauns belə danışır: “İclaslardan birində yeni bir avtomobil saytını müzakirə edirdik. Kimsə bu texniki dəyişikliyi bəyənmədiyini dedi. İlon ayağa qaxıb “Tüpürüm sənin bəyənib-bəyənməməyinə’’ dedi və toplantını tərk etdi. İlon üçün “yox’’ kəlməsi mövcud deyil. Başqasından da eyni yanaşmanı istəyir”. Mask ara-sıra yaşca böyük işçiləri də təngə gətirirdi. Satış qrupundan Mor belə xatırlayır: “İnsanlar iclasdan bəzən üzlərində nifrət ifadəsi ilə çıxırdılar. Maska nə olduğunu anlamırdıq, axı o, sevimli oğlan idi. Onun isə vecinə deyildi, sanki heç nə baş verməmişdi, özündən razıydı’’.
Mask investorların Zip2-də etdikləri idari dəyişikliklərə alışmağa çalışır, bir tərəfdən də böyük pulların dəstəyini hiss edirdi. İnvestorlar Mask qardaşlarına kredit kartları çıxartdılar, maşın almaq üçün hərəsinə 30 min dollar verdilər. Sürdükləri BMW artıq tökülürdü. Onu daha da betər vəziyyətdə olan bir sedanla dəyiş-düyüş etmiş, sprey boya alıb rəngləmiş, guya təzələmişdilər. Aldıqları pulla Kimbal BMW-nin 3 seriyasını, İlon isə Jaguar E aldı. Kimbal İlonun seçimi haqda belə deyir: “Doğrudur, o Jaguar tez-tez xarab olurdu və onu ofisə evakuatorla gətirirdilər. Amma İlon hərzamankı kimi geniş miqyasda düşünürdü’’[8 - Mask yeni ofislərini anası Mey və Castinə də göstərmişdi. Mey bəzən toplantılarda iştirak edir, ortaya maraqlı fikirlər atırdı. Zip2 xəritələrindəki gedilən yerdən geri qayıtmağı asanlaşdıran populyar özəllik bu gün bütün naviqasiya proqramlarında var. Amma o vaxt ‘’Evə dönüş trayektoriyası’’ adlı düyməni ilk dəfə məhz Mey təklif etmişdi.].
Bir həftəsonu Mask, Ambras, bir neçə əməkdaşları və dostları Santa-Kruz dağ silsiləsinin Saratoga Gap cığırlarında velosiped sürməyə getdilər. İştirakçıların çoxu hazırlıqlı və ağır dağ şəraiti ilə yayın istisinə alışıq idilər. Dağa yüksək templə çıxmağa başladılar. Maskın xalası oğlu Rass Riv zirvəyə birinci çatdı və çatan kimi də qusmağa başladı. Onun arxasınca digər velosipedçilər də gəldilər. Mask on beş dəqiqə gecikmə ilə hamıdan sonra gəldi. Qıpqırmızı pörtmüşdü, üzündən tər sel kimi axırdı, amma o, zirvəyə çıxa bilmişdi. Ambras sonralar belə deyəcəkdi: “Mən tez-tez o günü düşünürəm. Mask elə çətin marşrut üçün hazırlıqlı deyildi. Başqası olsa, yarıyolda dayanar, velosipeddən düşüb piyada gələrdi. Son 30 metrdə üzündəki acı gözümün önünə gələndə “əsl Mask da elə budur” deyirəm – hədəfə çatmaq, ya da ölmək. Amma əsla yarıyolda dayanmamaq’’.
Mask ofisdə enerji qaynağı olmağa davam edirdi. Vençur biznesinin sərmayədarlarının şirkəti ziyarətindən əvvəl İlon çalışanları toplayır, hamının telefonlara sarılaraq qaynar fəaliyyət görüntüsü və ciddi iş atmosferi yaratmaq haqda təlimat verirdi. Bundan başqa, o, Quake (Software tərəfindən 1996-da yaradılan oyundur, üçölçülü qrafik motoruna sahib ilk kompüter oyunu sayılır – İ.N.) üzrə yarışlar üçün komanda da qurmuşdu. Mask turnirdə iştirakı belə xatırlayır: “Biz ilk milli turnirdə iştirak edib ikinci yerə çıxdıq. Əslində, birinci də ola bilərdik, sadəcə bizim ən yaxşı oyunçumuz videokartla çox sərt davranmışdı. Bir neçə min dollar qazanmışdıq’’.
Şirkət qəzetlərlə əməkdaşlıqdan ciddi uğurlar qazandı. “The New York Times”, “Knight Ridder” kimi qəzetlər, “Hearst Corp.” və digər media qurumları şirkətin xidmətlərinə abunə oldu. Onlardan bəziləri Zip2-yə hər biri 50 milyon dollar əlavə sərmayə də qoydu. Craigslist (1996-cı ildə Amerikada qurulmuş, bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən internet elan saytı – İ.N.) kimi onlayn elan saytları yeni ortaya çıxmağa başlamışdı və qəzetlər konkret fəaliyyət planı hazırlamalı idi. Ambras bu haqda belə deyir: “Qəzetlər internetlə yola getmədiklərini anlayırdı. Mümkün olduqca daha çox qəzeti abunə etməyə çalışmalıydıq. Onlar əmlak, avtomobil və əyləncə həyatı ilə bağlı elan və kataloq istəyir, bizi bütün onlayn-servislər üçün platforma kimi istifadə etməyi düşünürdülər’’. Zip2 “Hakimiyyəti mətbuata verdik” şüarı ilə bir brend oldu. Pul axırdı, axdıqca da şirkət böyüyürdü. Baş ofis bir müddət sonra çox darısqal olmağa başladı. Hətta iş masalarından birini qadın tualetinin düz önünə qoymuşdular. 1997-ci ildə Zip2 Mauntin-Vyudakı Kastro-strit 444 adresindəki geniş bir apartamentə köçdü.
Mask Zip2-nin qəzetlərin kölgəsində qalmasını qəbul edə bilmir, çox əsəbiləşirdi. O, şirkətin birbaşa istifadəçiyə xidmət göstərə biləcəyini düşünür və bunun üçün city.com domenini satın almağı təklif edirdi. Məqsəd istifadəçi üçün son dayanacaq olmasına nail olmaqdı. Lakin media şirkətlərindən gələn pulların cazibəsi Sorkin və İdarə Heyətini daha mühafizəkar yola sürükləyirdi. Onlar istifadəçilər hadqa düşünməyi arxa plana atmışdılar.
1998-ci ilin aprel ayında Zip2 ikiqat mənfəət gətirəcək nəhəng bir sövdələşmə haqda açıqlama verdi. Şirkət əsas rəqibləri olan CitySearch ilə 300 milyon dollarlıq bir müqavilə ilə birləşəcəkdi. Yeni şirkət CitySearch adını saxlayacaq, Sorkin isə onun CEO-su olacaqdı. Nəzəri olaraq bu ittifaq iki eynigüclü şirkətin birləşməsi idi. CitySearch bütün ölkə üzrə geniş kataloqlar şəbəkəsinə sahibdi. Bundan başqa, şirkətin təcrübəli satış və marketinq qrupları vardı. Onları Zip2-nin istedadlı mühəndisləri tamamlayacaqdı. Birləşmə mətbuatda anons edildi və sanki birləşmə artıq labüddü.
Daha sonra baş verənlər haqda fikirlər fərqlidir. Məntiqlə hər iki şirkət ciddi audit aparıb işlərin təkrarlanmasının qarşısını almaq üçün bəzi əməkdaşları işdən çıxartmalı idi. Bu proses zamanı CitySearch şirkətinin maliyyə vəziyyəti ilə bağlı ortaya bəzi nataraz suallar çıxdı. Digər tərəfdən Zip2-nin bir çox işçisi CitySearch-də vəzifəsini itirəcəkdi. Kollektivin bir hissəsi sövdələşmənin ləğv edilməsində təkid etməyə başladı, Sorkin isə birləşməni həyata keçirtməyə qərarlı idi. Əvvəl birləşmə tərəfdarı olan Mask sonradan ona qarşı çıxmağa başladı. 1998-ci ilin mayında şirkətlər birləşmədən imtina etdi. Mətbuat bu hadisəni şişirdərək böyük məsələyə çevirdi. Mask Sorkinin uzaqlaşdırılmasında və özünün CEO təyin edilməsində təkid edirdi. İdarə Heyəti bu təklifdən imtina etdi. Nəticədə Mask vəzifəsini itirdi, Sorkinin yerinə isə Mohr Davidow şirkətindən Derek Prudian gətirildi. Prudian o qalmaqalı belə xatırlayır: “Onlar əməllicə dava elədilər. İlon CEO olmaq istəyirdi, amma mən ona belə dedim: “Bu sənin birinci şirkətindir. Gəl yaxşı alıcı tapaq və çoxlu pul qazanaq, onda sən ikinci, üçüncü və dördüncü şirkətlərini qura biləcəksən”.
Anlaşma pozulunca Zip2 çətin vəziyyətə düşdü. Qazancları azalmağa başlamışdı. Mask hələ də birbaşa istehlakçıya çıxmaq istəyir, Prudian isə “bunun üçün əlavə sərmayə lazım olacaqdı” deyə ehtiyat edirdi. Bazara Microsoft da girdi; şəhər və avtomobil yolları xəritələri ilə bağlı startaplar yağışdan sonra göbələk kimi çoxalırdı. Zip2-nin qurucuları rəqiblərinə yeniləcəklər deyə qorxur və əndişə içindəydilər. 1999-cu ilin fevral ayında PC istehsal edən Compaq Zip2 üçün gözlənilmədən nağd 307 milyon dollar təklif etdi. Şirkətin keçmiş əməkdaşı Ed Ho bu təklif haqda “Sanki cənnətdən bizə pul göndərmişdilər’’ deyir. Zip2-nin idarə heyəti təklifi qəbul etdi, Palo-Altoda böyük bir restoran tutub möhtəşəm bir banket verdi. Mohr Davidov qoyduğu ilkin sərmayənin 20 dəfə artığını qazandı. İlon 22 milyon, Kimbal isə 15 milyon dollar aldılar. Mask Compaq şirkəti ilə işə davam etməyi ağlının ucundan belə keçirtmədi. Prudian belə deyir: “Zip2-nin satılması dəqiqləşən kimi İlon növbəti layihəsinə başladı’’. İndən belə Mask şirkətləri üzərində nəzarəti əlində saxlamaq və CEO kimi qalmaq üçün mübarizə aparacaqdı. Kimbal o günləri belə xatırlayır: “Biz dəhşətə gəlmişdik, düşünürdük ki, onlar nə elədiklərini bilirlər. Amma yanılmışdıq. Bizim şirkəti aldıqdan sonra bilmirdilər nə etsinlər, onlar adicə sərmayədardılar. Bir-birimizlə yaxşı anlaşırdıq, lakin şirkət hədəfini itirdi’’.
İllər sonra Mask Zip2 ilə bağlı olub-bitənləri ətraflı düşündükdən sonra anladı ki, əməkdaşlarına qarşı daha yaxşı davrana bilərmiş: “Mən əvvəllər buna bənzər şirkət idarə etməmişdim. Mən heç vaxt heç kimə rəhbərlik etməmişdim. Öz-özümə soruşdum: “Komandanın işinə nə təsir edir?’’ İlk təbii təxminim bu idi ki, başqası da özünü mənim kimi aparardı. Amma mən yanılırdım. Başqası sənin kimi düşünə bilməz, çünki o səndə olan məlumat və bilgiyə sahib deyil. Əgər mən öz oxşarımla danışır, ona bildiyimin ancaq yarısını verirəmsə, mənim gələcəyim nəticəyə oxşarımın da gəlməsini gözləmək imkansız bir şeydir. İşi yanındakı adamların gözü ilə də görməyə çalışmalısan”.
Bəzən elə olurdu ki, çalışanlar axşam evə gedir, səhər gələndə isə Maskın görülən işləri onlardan xəbərsiz dəyişdirdiyinin şahidi olurdular. Zip2-də çox yaxşı proqramçılar olduğunu söyləyən Mask deyir: “Amma mən onlardan daha yaxşı kod yazdığımı düşünürdüm. Ona görə də yaxınlaşıb nəyisə dəyişdirməyi özümə borc bilirdim. Oturub əməkdaşın bunu edəcəyini gözləmək istəmir, kodu öz əlimlə dəyişdirirdim. O zaman sürət beş dəfə artırdı. Bir dəfə gənclərdən biri yazı taxtasında kvant mexanikasından bir düstur yazdı. Mən də ona “Bunu necə belə yaza bilərsən?’’ deyib səhvini düzəltdim. O hadisədən sonra mənə nifrət eləməyə başladı. Sonra anladım ki, düsturu düzəltsəm də, onun qəlbini qırmışam. İşlər belə görülməz”.
“.com’’un xəyalpərəst adamı Mask çalışqandı, ancaq bəxti də gətirdi. O, gözəl bir ideya irəli sürdü və onu real xidmətə çevirə bildi. Və qasırğanın içindən böyük miqdarda nağd pulla çıxdı. Yolu heç də asan olmamışdı. Mask liderliyə can atırdı, amma insanlar bunu şübhə ilə qarşılamışdılar. Maska görə, onlar haqsız idilər, haqlı olduğunu sübut etmək isə daha dramatik hadisələrə səbəb olacaqdı.

5. Paypal-ın xaç atasi
Zip2-nin satışı İlona yeni bir inam verdi. Mask sevdiyi kompüter oyunlarının personajları kimi bir sonrakı “level’’ə keçmişdi. O, Silikon Vadisi “səviyyəsini’’ keçib hər kəsin bir zamanlar olmaq istədiyi adam – “.com’’ milyonçusu olmuşdu. Onun növbəti işi artan iddialarına uyğun bir şey olmalı idi. Ona görə də Mask böyük maddi potensialı olan fəaliyyət sahəsi axtarırdı. Buradakı çatışmazlıqları isə internet vasitəsilə həll etmək istəyirdi. Mask xəyalən Bank of Nova Scotia-da keçdiyi təcrübə vaxtlarına gedir, o dövrdə çıxartdığı əsas nəticəni xatırlayırdı – bankirlər varlı olduqları qədər də sarsaqdırlar. Bu da Mask üçün geniş fürsətlər demək idi.
1990-cı illərin əvvəlində bankda strateji inkişaf şöbəsində çalışdığı zaman Mask üçüncü dünya ölkələrinin borclarını araşdırmışdı. Nə qədər ağır olsa da, onu “az inkişaf etmiş ölkələrin borcu’’ adlandırırdılar və Bank of Nova Scotia-da bu qəbildən milyardlarla dollar pul vardı. O illərdə yaşadıqları defoltlar sonrası Cənubi Amerika və b. ölkələr bankları yığılan borcları qismən silməyə məcbur edirdilər. Müdiri Maskı təcrübə qazanmaq üçün bankın avuarlarında[9 - Avuar (fr. avoir – sahib olmaq) – sahibinin öhdəliklərini ödəmək imkanı verən müxtəlif aktivlər (pul vəsaitləri, çeklər, veksellər, akkreditivlər); hər hansı bir ölkəyə məxsus olan həmin vəsaitlərin toplusu – İ.N.] qurdalanaraq borcun real həcmini araşdırmağı tapşırmışdı.
Araşdırma əsnasında Maskın qarşısına çıxan bir şey ona göydəndüşmə kommersiya fürsəti kimi göründü. Amerika Birləşmiş Ştatları Breydi (Brady) istiqrazı vasitəsilə inkişaf etməkdə olan ölkələrin bəzilərinin borc yükünü azaltmağa çalışırdı. Amerika hökuməti bu yolla Braziliya və Argentinanın borclarını restrukturlaşdırmışdı. Buradakı bir birja oyunu Maskın diqqətini çəkdi. Bu oyunu Mask belə xatırlayır: “Yardım dəyərini hesabladım, bu, bir dollar üçün 50 sent civarında idi, baxmayaraq ki həqiqi borc 25 sentdən hesablanırdı. Bu, inanılmaz bir fürsət idi və kimsə də bunu görmürdü’’. Mask soyuqqanlılığını pozmadan bazardakı əsas treyderlərdən biri olan Goldman Sach-a zəng edərək qarmaq atdı və 25 sentdən nə qədər Braziliya borcu ala biləcəyini soruşdu. Cavabları “Sizə nə qədər lazımdır?’’ oldu. Mask da “10 milyard dollar’’ kimi ağlasığmaz, havadan bir rəqəm dedi. Treyder bunun mümkün olduğunu söyləyəndə Mask telefonu qapadıb “Onların başları xarab olub, axı bu şəkildə pulları iki dəfə artırmaq olar. Axı hər şeyi Sem dayı (ing. Uncle Sam – Amerikanın simvolik adı – İ.N.) ödəyir’’ dedi’’. Hər şey çox sadə idi.
Mask o zaman bütün yayı saatı 14 dollardan çalışmış, müdirlərin qəhvə aparatından istifadə etdiyi üçün danlanmış və artıq çoxlu pul qazanmaq üçün özünü göstərmək vaxtının gəldiyini düşünmüşdü. Qaçaraq müdirin otağına girmiş və ona gördüyü parlaq perspektivi söyləmişdi: “Siz havadan milyardlar qazana bilərsiniz’’. Müdirə yazdığı hesabat qısa müddət ərzində bankın CEO-suna çatdı. O isə təklifi rədd etdi. Səbəb kimi də bankın Braziliya və Argentina borcları ucbatından artıq bir dəfə “yandığını’’ və bir daha belə avantüraya girmək istəmədiyini göstərdi. Mask məsələnin fərqli olduğunu ona izah etməyə çalışdı: “Axı burada Sem dayının dəstəyi var. Cənubi Amerikada olub-keçənlər önəmli deyil. ABŞ Maliyyə Nazirliyi batmadıqca siz heç nə itirə bilməzsiniz’’. Buna baxmayaraq onlar heç nə etmək istəmədilər, Mask dərindən sarsıldı. Sonralar Mask banklarla mübarizə aparanda yaşadıqlarını yada salacaq, bu da özünə olan inamını artıracaqdı. Bütün bankirlərin elədikləri özündən əvvəlkilərin elədiklərini təkrarlamaqdır. Biri özünü uçurumdan aşağı atsa, o birilər də eyni şeyi edirlər. Əgər otağın ortasında bir qucaq qızıl varsa, biri onu almasa, digərləri də almayacaqlar.
Mask sonrakı illərdə internet-bank qurmaq haqda düşünməyə başladı. 1995-də Pinnacle Research-də təcrübə keçdiyi zaman da bunu açıq şəkildə dilə gətirirdi. Gənc Mask buradakı elmi işçilərə maliyyə sferasında onlayn sistemlərə keçmənin labüdlüyündən danışırdı. Ona etiraz edir, səbəb kimi internet şəbəkəsinin güvənliyinin lazımi səviyyədə olmadığını göstərirdilər. Onlar “bu problemin həlli üçün yüz illər lazımdır” deyirdilər. Lakin Mask yenə də öz fikrində qalır, maliyyə sektorunun radikal modernləşmə çağının astanasında olduğunda israr edirdi. O, nisbətən az sərmayə ilə bank sektoruna çox böyük təsir göstərəcəyinə inanırdı. 2003-cü ildə Stanford universitetindəki çıxışında belə deyiridi: “Bank əməliyyatları çox da geniş diapazon tələb etmir. Pulla çalışmaq üçün infrastrukturu inkişaf etdirməyə də ehtiyac yoxdur. Əslində, bu, məlumat bazasında sadəcə olaraq bircə sətirdir’’.
Maskın planı möhtəşəmdi. Pinnacle araşdırmaçıları insanların internetdə mühasibat işlərini aparmasının rahat olmayacağını deyirdilər. Bəlkə, kimsə risk edərək kredit kartının nömrəsi ilə şəbəkəyə girəcək, amma kimsə bank hesablarını internetə etibar etməyəcək, bunu heç eşitməyəcəklər belə. Onda nə etmək lazımdı? Mask onlayn xidmət göstərən maliyyə qurumu yaratmağı düşündü. Bu şirkət hesab açacaq, əmanətləri qəbul edəcək, cari hesablara baxacaq, broker və sığorta xidmətləri göstərəcəkdi. Texnoloji baxımdan belə bir servis mümkündü, ancaq onlayn-bank qurmağın özü cəhənnəm əzabıydı. Hətta ən nikbin insan belə bunun çətin olacağını deyirdi. Bu artıq hansısa pitseriyaya marşrut çəkmək və ya daşınmaz əmlak kataloqu hazırlamaq deyildi. İşiniz insanların pulları ilə bağlı olacaqdı və əgər nəsə tərs getsə, nəticə dəhşət olacaqdı.
Ancaq bunlar Maskı qorxutmurdu. O, planını hələ Zip2-nin satışından öncə hazırlamışdı. Şirkətin ən yaxşı mühəndisləri ilə danışmış, kimin yeni macəraya qatılmaq istədiyini öyrənmişdi. Müzakirələrə Kanada bankındakı tanışlarını da cəlb etdi. 1999-un yanvarında Zip2-nin İdarə Heyəti satış üçün müştəri axtaranda Mask bank planını həyata keçirməyə başladı. Mart ayında isə Mask pornoqrafik bir ismə bənzəyən X.com adlı maliyyə startapını qeydiyyatdan keçirtdi.
Çiynində bel çantası ilə Kanadaya ayaq basmış yeniyetmədən 27 yaşlı multimilyonerə dönməsi üçün Maska on ildən də qısa bir zaman lazım olmuşdu. Qazandığı 22 milyon sayəsində o, üç nəfərlə yaşadığı birotaqlı evdən 200 m2 -lik təmirli evə köçmüşdü. Bundan başqa, bir milyon dollara McLaren F1 idman avtomobili və pərli təyyarə aldı, təyyarə sürməyi öyrəndi.
Dotcom milyoneri kimi məşhurlaşmağa başladı. Səhər saat 7-də CNN müxbirləri onun evinin qarşısında avtomobilin təhvil verilməsini gözləyirlər. Budur, 18 təkərli qara rəngli bir yük maşını evin önündə dayanır və içindən gümüşü rəngli zərif bir maşın çıxır. Mask qolları sinəsində, ağzıaçıq, heyranlıqla onu izləyir. Və ona tuşlanan CNN mikrofonuna bunları deyir: “Dünyada cəmi 62 ədəd McLaren var və onlardan biri mənimdir. İşə bir bax! İnana bilmirəm! Aləmsən, cavan oğlan!”
CNN axşam xəbərlərində avtomobilin sahibinə verilməsi kadrlarını da efirə verdi. Mask müvəffəqiyyət qazanmış bir nuvoriş (fr. nouveau riche – sürətlə varlanan adam, yeni zəngin – İ.N.) karikaturasına bənzəyirdi. Saçları seyrəlməyə başlamışdı, qısa kəsdirilmiş saçları onun sifətinin uşaq cizgilərini daha bariz göstərirdi. Əynində geniş bir gödəkçə var, gözqamaşdırıcı bir maşında mobil telefonla danışır, yanında isə dünyalar gözəli sevgilisi Castin oturub. Əfsunlanıb sanki Maks. Dürr tökülür ağzından, zəngin adam kimi aparır özünü. Zip2-nin satışı haqda belə deyir: “Bunlar sadəcə puldur. Üstündə Ben Franklinin olduğu kağız dəstləri’’, lüks həyatı haqda isə belə: “Bu isə dünyanın ən sürətli avtomobilidir’’, sonsuz iddiaları haqda du bunları: “İstəsəm, Baham adalarında ada alıb malikanə tikərdim, amma mənə yeni şirkət yaratmaq daha maraqlıdır’’ deyir. Çəkiliş qrupu Maskın arxasınca X.com-un ofisinə girir, özündənrazı İlonun ağzından yeni incilər tökülür: “Mən adi bankir çərçivəsinə sığmıram’’, “50 milyon nə puldur ki? Telefonla bir-iki zəng etsəm, pullar əlimdə olacaq’’, “X.com milyard dollarlıq şirkət olacaq’’.
Mask McLaren-i Floridada bir avtomobil qalereyasından satın aldı. Maşına hamıdan əvvəl Ralf Loren[10 - Ralf Loren (ing. Ralph Lauren Lifshitz, 1931) – yəhudi əsilli amerikalı moda dizayneri, xeyriyyəçi, iş adamı, milyarder, Ralph Lauren brendinin sahibi, nadir avtomobillərdən ibarət kolleksiyası ilə tanınır – İ.N.)] göz qoymuşdu, ancaq Mask son anda daha erkən davrandı. Loren kimi çox varlı adamlar McLaren-ə xüsusi hallarda minir, özəl günlərdə və bazar gəzintilərində sürürlər. Amma Mask onlar kimi deyildi. O, maşını ilə bütün Silikon Vadisini başdan-ayağa gəzdi. Onu X.com-un ofisləri önündə saxlayırdı. Sənət əsəri sayılan bu maşını göyərçinlərin batırıb pis günə qoyduqlarını və onu Safeway supermarketinin önündə görənlər dəhşətə gəlirdilər. Mask bir gün McLaren-in sahibi, Oracle korporasiyasının (120 min insanın çalışdığı, Microsoft-dan sonra dünyanın ikinci proqram şirkəti – İ.N.) qurucusu Larri Elisona (Larry Ellison) e-mail yazıb onu trekdə yarışmağa dəvət etdi. Sürətli avtomobillər “xəstəsi’’, milyarder Cim Klark (Jim Clark, 1944, Netscape korporasiyasının qurucusu – İ.N.) bu dəvətdən xəbər tutub dostlarından birinə deyir ki, gedim Ferrari mağazasına dəyim, görüm onlarla rəqabət edəcək nə alıram. Mask artıq “Böyük adamlar klubu”nun üzvü olmuşdu. Yaxın dostu, iş adamı Corc Zakari (George Zachary) belə deyirdi: “İlon həyəcanlı idi. Mənə Larri ilə yazışmasını göstərirdi’’.
Bir il sonra investorlardan biri ilə görüşə gedirdi. Sand Hill yolunda yanındakı dostuna “Bir buna bax’’ deyərək qaz pedalını sona qədər basdı. Yan cərgəyə keçərək spin atdı (əl əyləcini çəkib avtomobili yerində fırlatmaq – İ.N.) və yol hasarına çırpıldı. Zərbənin gücü ilə maşın havada uçan boşqab kimi dönməyə başladı. Pəncərələr çilik-çilik, korpus və təkərlər parça-parça oldu. Yenə dostuna tərəf dönüb belə dedi: “Ən gülməlisi odur ki, maşının sığortası yoxdur’’. Görüşə yoldan keçən bir maşınla getdilər.
Xoşbəxtlikdən Mask pleyboy obrazına qismən münasib idi. Zatən Zip2-dən əldə etdiyi gəlirin böyük hissəsini X.com-a yatırmışdı. Bunun səbəbləri vardı. Vergi qanunvericiliyinə görə, investorlar mənfəəti ancaq ilk iki ayda qazanarlarsa, rahat istifadə edə bilirlər. Mask da X.com-a 12 milyon dollar qoydu, vergiləri çıxandan sonra da şəxsi xərcləri üçün özünə 4 milyon ayırdı. Zip2-nin keçmiş əməkdaşı, sonradan X.com-un təsisçilərindən biri olan Ed Ho Mask haqda belə deyir: “Bu onu sıravi insanlardan ayıran sərhəddir. Mask ağlasığmaz riskə getməyə qorxmur. Belə bir riskə gedənin ya tale üzünə güləcək, ya da gecələrini avtobus dayanacağında keçirəcəkdi’’.
Maskın X.com-a bu qədər böyük vəsait yatırması sonradan baxanda daha da anlaşılmaz görünür. 1999-cu il “.com’’ uğuruna belə baxmaq lazımdır – o özünü bir dəfə isbat etdi, sonra bir neçə milyon qazandı və bununla da insanları növbəti işinə pul qoymağa inandırdı. Mask kənardan investorlara güvənsə də, əsas yatırımı özü qoydu. Ona görə də Mask televizorda bütün “.com’’ oyunçuları kimi danışsa da, əməldə Silikon Vadisinin ilk illərindəki kimi bütün məsuliyyət və riski öz üzərinə götürmüşdü. Intel də o zaman belə bir qərar vermişdi.
Zip2 faydalı bir ideya idi. X.com isə böyük və inqilabi dəyişikliklər edəcək bir şirkət. Mask bütün stereotipləri alt- üst etdiyindən onunla maliyyə cəhətdən güclü qurumlar arasında qarşıdurma yaranırdı. Belə çətin biznesə başlamazdan əvvəl özünəxas tərzini “itiləməyə’’ başladı. Bu biznesin xüsusiyyətlərini bilməməsi onu ürkütmürdü. O, bankirlərin işlərini yanlış gördüklərini düşünür, onlardan daha yaxşı bacaracağına inanırdı. Maskın eqosu və özünə olan inamı bəzilərini valeh edir, bir çoxlarını isə qorxudurdu. X.com-un quruluşu Maskın həm kreativlik və inadı, həm də konfrontasiyaya getmək və idarəçi kimi zəif yerləri haqda çox şey deyəcəkdi. O qurduğu şirkətdən atılmağın necə ağır bir şey olduğunu anlayacaq, ideyalarının həyata keçməməsinin acısını yenidən dadacaqdı.
X.com-u qurmaq üçün Mask özünün ulduzlar komandasını topladı. Ho SGI və Zip2-də mühəndis kimi çalışmışdı və iş yoldaşları onun kod (proqram) yazmaq məharətini və kollektiv çalışma stilini çox təqdir edirdilər. Komandaya maliyyə sektorundan iki kanadalı – Harris Friker və Christopher Payne dəvət olundu. Mask Frikeri Bank of Nova Scotia-dan tanıyırdı və onlar tez ümumi dil tapdılar. Rods təqaüdçüsü[11 - Rods təqaüdçüsü (Rhodes) – Oksford universitetində oxumaq üçün verilən təqaüd, De Beers korporasiyasının qurucusu Cecilil Rhodes (1853–1902) tərəfindən təsis edilib – İ.N.] Friker X.com üçün vacib olan bankların çalışma mexanizmləri haqda bilgilər gətirdi. Payne Frikeri Kanadadan tanıyırdı. Elə bu dörd nəfər də X.com-u təsis etdi, Mask da qoyduğu böyük miqdarda sərmayə ilə onun ən böyük səhmdarı oldu. Şirkət Silikon Vadisi ənənələrinə görə “beyin fırtınasının’’ aparıldığı bir mənzildə yarandı. Sonra isə Palo-Altodakı Universitet prospekti, 394 adresindəki ofisə keçdi.
Təsisçilər bank sisteminin zəmanədən geri qaldığı qənaətində idilər. İnternet çağında bank şöbəsinə gedib kassirlə danışmaq çox arxaik görünürdü. Bütün fikirlər qulağa xoş gəlirdi, amma Mask və komandasını saxlayan yeganə şey reallıq idi. Maskın bank sferasında təcrübəsi çox azdı, ona görə də kitablar alır, işin daxili mexanizmlərini anlamağa çalışırdı. Fəaliyyət planını hazırladıqca hüquqi-normativ məsələlərin keçilməz sədd olduğunu daha çox başa düşürdü. O günləri Ho belə xatırlayır: “Dörd və ya beş ay keçmişdi, biz isə elə hey yerimizdə sayırdıq’’. Təsisçilər hansısa bir mərhələdə problemi həll etməyin ən sadə yolunun bir bank alıb onu öz bildikləri kimi yenidən qurmaq olduğunu düşünmüşdülər. Bu yolla getmək alınmadı. Onlar Bank of America-nın maliyyə şöbəsinin təcrübəli rəhbəri ilə əlaqə yaratdılar, o, kreditləşmənin çətinlikləri, pul köçürmələri və hesabların qorunması haqda xeyli suala aydınlıq gətirdi.
Aralarında şəxsi münaqişələr başladı. Mask Silikon Vadisinin gələcək vəd edən super-starı idi, mətbuat onu sevirdi. Bu, Frikerin xoşuna gəlmirdi. O, Kanadadan gəlmişdi və özünü bank sehrbazı kimi göstərmək üçün X.com yaxşı bir fürsət idi. Çox adam Frikerin şirkəti idarə etmək istəyindən danışırdı. O, Maskın bütün bank sistemini yenidən qurmaq fikrini sarsaq fikir adlandırır, şirkətin üzərinə çox böyük vəzifə qoyduğunu deyirdi: “Biz mətbuata günəş, ay və ulduzlar vəd etmişdik. İlon klassik biznes mühitindən və alışdığımız işgüzar düşüncədən imtina etməyi təklif edir. O, “Xoşbəxtlik fabriki” qurub Silikon Vadisinə nasosla xoşbəxtlik vuracağını deyir’’. Friker Maskı işlərini ifrat dərəcədə reklam etməyə, qalmaqal yaradaraq kütləyə oynamasına görə günahlandırırdı. O, Maskı günahlandıran sonuncu adam olmayacaqdı. Ancaq bunların Maskın çatışmazlığımı, yoxsa məziyyətimi olduğu mübahisəli məsələ idi. Bəlkə də, bunlar Maskın bir iş adamı kimi böyük istedadının göstəricisi idi.
Frikerlə Mask arasındakı dava çox tez və çirkin bir şəkildə sonlandı. Şirkətin qurulmasından beş ay sonra Friker üsyan qaldırdı. Mask o hadisəni belə xatırlayır: “Friker CEO olmaq istəyirdi, əks təqdirdə hamını özü ilə aparıb başqa bir şirkət quracaqdı. Mən də “bir şantajın əskikdi” dedim, “get və qur”. O da getdi’’. Mask Ho ilə bəzi önəmli adamları saxlamağa çalışsa da, onlar Frikerin tərəfini tutaraq şirkəti tərk etdilər. Maska şirkətin adı və iki-üç sadiq işçisi qaldı. Şirkətdə qalan Culia Ankenbrandt durumu belə təsvir edir: “Hadisədən sonra İlonla ofisdə oturmuşduq. O vaxt X.com kimi biznes qurmağa əngəl bəzi qanunlar vardı. Amma İlonun vecinə deyildi. Mənə baxıb bir neçə işçi almağımızı söylədi”[12 - Sonralar Friker CEO olması fikrinin ondan deyil, bəzi çalışanlardan çıxdığını deyəcəkdi. Bir zamanlar çox yaxın dost olan Friker və Mask indi də küsülüdürlər. Friker bu haqda ‘’İlonun özünəxas əxlaqi və şərəf kriteriyaları var, oyunu sərt bir şəkildə oynayır. Biznes onun üçün bir savaşdır’’ demişdi. Maska görə isə ‘’Friker çox ağıllıdır, ancaq ürəyinin təmiz olduğunu düşünmürəm. Sükanı əlinə almaq üçün çox böyük arzusu vardı, əgər bacarsa, şirkəti başqa yerlərə istiqamətləndirəcəkdi’’. Friker maliyyə xidməti göstərən kanadalı GMP adlı şirkətin CEO-su oldu və çox uğurlu bir karyera qurdu. Payne isə Torontoda özəl bir hüquq şirkətinin rəhbəridir.].
Mask X.com üçün maliyyə qaynaqları axtarırdı. Vençur sahibkarlarını ayrı-ayrılıqda ziyarət edir, şirkətində qəpik-quruş qaldığını etiraf etməkdən çəkinmirdi. Sequoia Capital şirkətindən məşhur investor Mike Moritz onlara dəstək oldu. Mask özünü yenidən Silikon Vadisinin küçələrinə atdı, bəlağətli nitqi ilə internet-bankların gələcəyindən danışaraq şirkətə yeni əməkdaşlar cəlb etdi. Skott Anderson adlı gənc bir kompüter mütəxəssisi 1 avqust 1999 tarixində işə başladı, çox keçmədən şirkətin gələcəyi ilə bağlı o da Mask kimi düşünməyə başladı. Anderson belə deyirdi: “Dönüb geri baxanda bunun tamamən bir dəlilik olduğunu gördüm. Hollivud dekorasiyalı nəsə bir sayt. İnvestorların bu işə hansı ağılla pul qoyduqları qəribə idi’’.
Gün keçdikcə mühəndislərin sayı artır, hədəf daha aydın görünməyə başlayırdı. Şirkət bank fəaliyyəti üçün lisenziya aldı. Sonra investisiya fondunun hissə lisenziyasına sahib oldu və maliyyə konqlomeratı Barclays ilə ortaq oldu. Noyabr ayında kiçik proqramçılar qrupu FDIC (Depozitlərin sığortası üzrə Federal korporasiya – İ.N.) təminatlı, hesabları tam sığortalı olan dünyanın ilk internet bankını qurdular. Mask test üçün öz cibindən 100 min dollar pul verdi. Şükranlıq günü gecəsi X.com ilk xidmətləri göstərməyə başladı. Anderson o gecəni belə xatırlayır: “Gecə ikiyə qədər oradaydım. Sonra bayram yeməyi hazırlamaq üçün evə getdim. Bir neçə saat sonra İlon telefon edib digər mühəndislərin dincəlməsi üçün məni ofisə çağırdı. Özü isə iki sutka idi şirkətdən çıxmırdı, hər şeyin çalışdığına əmin olmaq istəyirdi’’.
Maskın rəhbərliyi ilə X.com bir neçə əsas bank əməliyyatını sınaqdan keçirtdi. Müştərilər saytda qeydiyyatdan keçən kimi hesablarına 20 dollar yatırılır, cəlb etdikləri hər yeni müştəriyə görə isə 10 dollarlıq hədiyyə çeki verilirdi. Mask banklarda müştərilərdən çıxılan xidmət xərcləri və mənasız cərimələri ləğv elədi. X.com şəxsi ödəmələrin müasir köçürtmə sistemini qurdu. Artıq pul göndərəcəyin adamın e-mail ünvanını bilmək kifayətdi ki, ona pul köçürəsən. “Astagəl’’ bank sistemi çevik bank əməliyyatları ilə çöhrəsini dəyişirdi. Maskın gətirdiyi yeniliklər inqilabi xarakter daşıyırdı və ilk iki ayda 200 mindən çox adam X.com-un müştərisi oldu.
Çox keçmədən X.com-un güclü bir rəqibi çıxdı. Maks Levçin və Peter Thiel adlı iki ağıllı gənc Confinity adlandırdıqları ödəmə sistemi üzərində çalışırdı. Çalışdıqları kiçik yer Maskın ofısində idi, oranı X.com-dan icarəyə götürmüşdülər. Gördükləri iş isə Palm Pilot (geniş funksional imkanları olan portativ hesablama aparatı – İ.N.) sahibi olanların köçürmələrini infraqırmızı portlar üzərindən həyata keçirmək idi. X.com və Confinity şirkətlərinin yerləşdikləri Universitet prospektindəki bina internetdə maliyyə inqilabının mərkəzinə çevrildi. Ankerbrandt o gəncləri belə xatırlayır: “O iki gənc hər şeyi unudub çalışırdı. İçəridə çox pis bir qoxu vardı. İndiyədək burnumdadır: pizza artıqları, kirli bədən və tər qoxusu’’.
X.com və Confinity arasında yaranmış qəribə dostluq anidən bitdi. Confinity eyni prospektdə yerləşən başqa bir ofisə köçdü və PayPal adı verdikləri internet vasitəsilə öz ödəmə sistemi üzərində çalışmağa başladı. Daha çox müştəri toplamaq üçün iki şirkət arasında şiddətli savaş başladı. Qələbə daha çox müştəri toplayanın olacaqdı. On milyonlarla dollar reklam kampaniyalarına, başqa milyonlar isə maliyyə fırıldaqları üçün yeni sahə tapmış hakerlərlə mübarizəyə xərcləndi. Sonralar Yelp-in (Xidmət sektorunu qiymətləndirmə sistemi – İ.N.) CEO-su olacaq X.com mühəndisi Jeremy Stoppelman belə deyir: “Bu, stripriz klubunda qızların üstünə pul səpələməyin internet versiyasına bənzəyirdi. Pullar görünməmiş bir sürətlə qurtarırdı’’.
İnternet ödəmələrində liderlik uğrunda yarış Maska çevikliyini və iş əxlaqına verdiyi önəmi nümayiş etdirməyə imkan yaratdı. Mask PayPal-ın eBay kimi internet-hərraclarda əldə etdiyi üstünlüyə qarşı sürəkli yeni planlar qururdu. O, X.com çalışanlarını rəqiblərlə həlledici döyüşə hazırlayırdı. Ankenbrandt belə xatırlayır o anları: “Xoş sözlər deməyə ehtiyac yox idi. Biz sutkada 20, Mask isə 23 saat çalışırdı’’.
Mart 2000 tarixində X.com və Confinity, nəhayət, düşmənçiliyə son verib güclərini birləşdirdilər. Confinity-nin PayPal kimi “bərkgedən’’ bir məhsulu vardı, amma yeni müştərilərinə gündə 100 min dollar pul ödəyir, inkişaf etmək üçünsə maliyyə ehtiyatları yoxdu. X.com-un isə əksinə, böyük pul ehtiyatları və bank kimi mürəkkəb bir quruluşu vardı. Mask birləşmə şərtlərinin şəkilləndirilməsində təşəbbüsü öz üzərinə götürdü və nəticədə birləşmiş şirkətin ən böyük səhmdarı oldu. Şirkət X.com adını saxladı. Anlaşmadan az bir zaman sonra Deutsche Bank və Goldman Sachs kimi iki böyük quruluş X.com-a 100 milyon dollar verərək sponsor oldular. Artıq müştərilərinin sayı bir milyonu keçmişdi[13 - Şirkətin investorları Maskı CEO vəzifəsindən çıxartdılar. Onlar şirkəti birjaya açacaq daha təcrübəli bir rəhbər istəyirdilər. 1999-un dekabr ayında Intuit şirkətinin keçmiş baş direktoru Bill Harris X.com-a CEO təyin edildi. Birləşmədən sonra çalışanların çoxu Harrisdən üz döndərdilər, o da istefa verməyə məcbur oldu. Mask yenidən CEO vəzifəsinə geri döndü.].
İki şirkət öz korporativ ənənələrini də birləşdirmək istədilər, ancaq buna nail ola bilmədilər. X.com çalışanları kompüterlərinin monitorlarını kabellərlə təkərli stullara bağlayıb birlikdə çalışmaq üçün küçəylə Confinity-nin ofisinə qədər sürürdülər. Lakin onlar vahid bir komanda olmadılar. Mask X.com brendini müdafiə edir, çox adam isə PayPal deyirdi. Əsas mübahisə şirkətin texnoloji infrastrukturu ətrafında baş verirdi. Levçin və onun Confinity komandası Linux kimi inkişaf etməkdə olan kodlu proqramlar tərəfdarı idilər. Mask isə daha effektiv saydığı Microsoft proqram təminatını müdafiə edirdi. Kənardan baxanlar üçün bu fikir ayrılığı çox da önəmli kimi görünməyə bilər, amma Microsoft-u “Şeytan imperiyası’’, Linux-u isə modern proqram təminatı sayan proqramçılar üçün bu mübahisə dinlərarası müharibəyə bənzər bir qarşıdurma idi. Birləşmədən iki ay sonra Thiel istefa verdi, Levçin isə texnoloji ikitirəlik səbəbi ilə işdən ayrılacaq deyə təhdid etməyə başladı. Mask belə bir parçalanmış şirkəti idarə etməli idi.
X.com-un texniki məsələlərlə bağlı qarşılaşdığı problemlər dərinləşir, hesablama sistemləri müştəri bazasının böyüməsi ilə ayaqlaşa bilmirdi. Həftədə bir dəfə şirkətin veb-saytı çökürdü. Mühəndislərə yeni sistem yaratmaq əmri verildi. Bu isə əsas texniki kadrları işdən ayırır, X.com haker hücumları üçün asan hədəfə çevrilirdi. Stoppelman vəziyyət haqda “Qazandığımız pulu sürətlə itirirdik’’ deyirdi.
X.com populyarlaşdıqca işlər çoxalır, bu isə problemlərin artmasına gətirib çıxarırdı. Fırıldaqçılıq halları artmağa başladı. Bank və kredit təşkilatlarının hesabına gedən rüsumlar artırdı. Yeni yaranan startaplarla rəqabət çətinləşirdi. İtkiləri kompensasiya etmək və pullardan daha səmərəli istifadə üçün X.com-un onlara uyğun bir biznes-modelə ehtiyacı vardı. Şirkətin maliyyə müdiri, sonralar isə Sequoia-nın məşhur sərmayədarı olacaq Ralf Bota Maskın X.com-un həqiqi problemini gizlətdiyini düşünürdü. Şirkət daxilində Maskın kritik anlarda doğru qərar verdiyinə inananların sayı azalırdı.
Bunun sonu çevrilişlə nəticələndi. Bu çevriliş Silikon Vadisinin şanlı tarixindəki ən iyrənc çevriliş idi. X.com-un işçilərindən ibarət kiçik qrup bir axşam Palo-Altodakı Fanny&Alexander barında yığışaraq Maskın işdən uzaqlaşdırılması planını müzakirə etdi[14 - Söhbət edə bildiyim PayPal işçilərinin dediyinə görə, Maskın istefaya göndərilmə kampaniyasına Confinity-dən David Saks başçılıq edirdi. Buna baxmayaraq Mask və Saks gələcəkdə də münasibətlərini saxladılar, bərabər film çəkib ortaq işlər gördülər.]. Belə qərara gəldilər ki, Peter Thielin CEO olaraq geri gətirilməsini İdarə Heyətindən tələb etsinlər. Levçin və tərəfdarları çevrilişi Maskın arxasında, gizlicə həyata keçirməyə hazırlaşırdılar.
Mask və Castin 2000-ci ilin yanvarında evləndilər, ancaq bal ayına gedə bilmədilər. Doqquz ay sonra – sentyabrda onlar iş ilə tətili birləşdirib Sidneyə uçmağa qərar verdilər. Onlar səyahətə həm yeni investisiyalar cəlb etmək, həm də bal ayı tətili üçün çıxırdılar. Ən son da Sidney Olimpiadasına baxıb geri dönməyi planlaşdırdılar. Axşam saatlarında təyyarəyə mindikləri əsnada X.com-un digər rəhbərliyi şirkətin İdarə Heyətinə Maska inamsızlıq məktubu göndərdi. Maska sadiq bəzi adamlar nəsə pis şeylər hiss etməyə başladılar, amma artıq gec idi. Ankenbrandt o axşamı belə xatırlayır: “Axşam gec saatlarda ofisə gəldim. On birin yarısı idi, hər kəs ofisdə idi. Olanlara inana bilmirdim. Dəli kimi İlonla əlaqə qurmağa çalışırdım, ancaq o, təyyarədə idi’’. Təyyarə yerə enəndə Thiel Maskın yerinə təyin olunmuşdu.
Nəhayət, Mask baş verənlərdən xəbərdar oldu və o, ilk təyyarə ilə təcili Palo-Altoya geri qayıtdı. Castin belə deyir: “Bu bir şok idi, amma Maskın haqqını vermək lazımdı – ləyaqətlə durmuşdu’’. Mask bir müddət müqavimət göstərdi. İdarə Heyətinin qərarının dəyişməsində təkid etdi. Amma işin bitdiyini anlayıb geri çəkildi. Mask olanları belə ifadə edir: “Mən Moritz və digərləri ilə danışdım. Artıq CEO kimi qalmaqda təkid etmirdim. Narahatlığım onların işin öhdəsindən mənsiz gələ bilməyəcəkləri ilə bağlı idi. Levçin və Thiellə söhbətdən sonra onların müvəffəq olacağına sanki inandım. Yəni nəticə etibarilə dünyanın sonu deyildi’’.
X.com-un qurulduğu gündən Maskın yanında olanlar yaşananlardan məmnun deyildilər. Stoppelman ozamankı vəziyyətini belə təsvir edir: “Mən yıxılmışdım, gərgin və əsəbiydim. İlon mənim gözümdə rok ulduzu kimi bir şeydi. Açıq şəkildə bir anlaşılmazlıq olduğunu hayqırırdım. Ancaq şirkətin vəziyyətinin də yaxşı olduğunu görürdüm. Batırılmaz bir gəmi idi və mən də onu tərk etmək istəmirdim’’. 23 yaşlı Stoppelman iclas otağına girib Thiel və Levçinə hücum etmişdi. Stoppelman “Onlar mənə ürəyimi boşaltmağa izin verdilər, bu da mənim şirkətdə qalmağıma yardım etdi’’ deyir. Mühəndis Branden Spayke isə fərqli düşünürdü: “Arxadan alçaqcasına vurulmuş bir zərbə idi. Əgər qərarı İlonun iştirakı ilə qəbul etsəydilər, mən, bəlkə də, razılaşardım’’.
2001-ci ilin ortalarına doğru Maskın şirkətdəki mövqeləri hissolunacaq dərəcədə zəiflədi. İyunda Thiel rebrendiq edərək X.com adını PayPal-la əvəzlədi. Mask nadir hallarda ona qarşı göstərilən hörmətsizliyi cavabsız buraxırdı. Ancaq bu dəfə inanılmaz səbir nümayiş etdirdi. Şirkətdə məsləhətçi kimi çalışır və investisiya qoymağa davam edirdi. Bu da onu PayPal-ın ən böyük səhmdarına çevirirdi. Bota bu haqda belə deyirdi: “İlonun yerində bir başqası olsa, qəzəblənib intiqam almaq üçün fürsət axtarardı. Amma o, başqa yol tutdu: bir əsilzadə kimi hərəkət edərək Peter Thieli dəstəklədi’’.
Sonrakı bir neçə ay Maskın gələcəyi baxımından çox həlledici olacaqdı. “Dotcom’’ avantürası sona yaxınlaşırdı, insanlar nəyin bahasına olursa olsun pullarını nağdlaşdırmaq istəyirdilər. PayPal-ı almaq üçün eBay-dan təklif gələndə çalışanların çoxu “şirkəti satmaq, hətta mümkün qədər tez satmaq” dedilər. Ancaq Mask və Moritz İdarə Heyətini təklifi qəbul etməməyə, bir az gözləyib daha baha qiymətə satmağa çağırdılar. PayPal-ın gəliri ildə 240 milyon dollar idi, özünü elə aparırdı ki, sanki təkbaşına davam gətirə biləcək. Mask və Moritzin müqaviməti bəhrəsini verdi. 2002-ci ilin iyulunda eBay PayPal-ı satın almaq üçün 1,5 milyard pul təklif etdi. İdarə Heyəti və Mask bu sövdələşməyə razı oldular. Mask bu satışdan 250 milyon dollar qazandı, vergilər ödəndikdən sonra onun əlinə 180 milyon dollar keçdi – bu pul ən iddialı layihələri həyata keçirmək üçün kifayət idi.
PayPal macərasının Mask üçün müsbət və mənfi tərəfləri oldu. Bir lider kimi etibarı zədələndi, hətta mətbuat ilk dəfə onun üstünə düşdü. Confinity-nin ilk işçilərindən Erik Cekson 2004-cü ildə yazdığı “PayPal savaşları: eBay, mətbuat, mafiya və bütün dünya ilə döyüşlər’’ adlı kitabında şirkətin gurultulu və hadisələrlə zəngin həyatını bütün təfsilatı ilə verib. Mask kitabda səhv qərarlar verən, eqoist və inadkar kimi göstərilir. Thiel və Levçin isə dahi qəhrəmanlar kimi təqdim olunublar. Valleywag adlı Silikon Vadisinin dedi-qodu saytı Maska qarşı qaralama kampaniyasını özünün ən sevimli mövzusuna çevirmişdi. Tənqidlər elə bir həddə çatmışdı ki, oxucular Maskın PayPal-ın həmtəsisçisi olduğuna belə şübhələnir, onu “Thielin pulsuz əlavəsi’’ adlandırırdılar. Kitabın dili və bloqlardakı paylaşımlar Maskı baş verənlər barədə öz variantını yazmağa məcbur etmiş, sayta 2200 kəlməlik bir cavab məktubu göndərmişdi.
Bu elektron məktubda Mask ədəbi istedadı ilə dalaşqan xüsusiyyətini birlədirib hadisələrə öz baxışını ortaya qoydu. O, Erik Ceksonu “yaltaq keçi’’ adlandıraraq stajorluqdan o tərəfə keçə bilməyən və şirkətin yuxarı eşelonlarında baş verənlərdən bixəbər biri olaraq göstərdi. Mask belə yazırdı: “Erik nəşriyyat tapa bilmirdi, kitabı Peter Thielin ona verdiyi pulla nəşr etdirdi. Erik Peterə sitayiş etdiyi üçün nəticə təbiidir: Peter “Cəsur ürək’’dəki Mel Gibson kimi təqdim edilib. Məni isə bir heç, uğursuz adam kimi göstərib”. Daha sonra Mask PayPal-ın həmtəsisçisi olduğunu göstərən bəzi faktları sadalayır – ən böyük səhmdar olmasını, işə qiymətli mütəxəssisləri cəlb etməsinı, uğurlu biznes-ideyalar irəli sürməsinı və s.
PayPal-ın o günləri haqda kimlə danışdımsa, hamı Mask haqqında formalaşmış ümumi fikirlə razıdır. Onlar Ceksonun sözlərinin xəyal aləminin məhsulu olduğunu qeyd edirlər. Ceksonun belə yanaşmasında Confinity-nin X.com üzərində qələbəsinin də rolu olub. Bota PayPal-da çox adamın yaddaşla bağlı problemi olduğunu deyirdi.
Ancaq eyni adamlar Maskın brendinqin idarə edilməsindəki səhvlərini və fırıldaqçılıqla bağlı texnoloji məsələləri yaxşı idarə etmədiyini də qeyd edirdilər. Bota bunlar haqda belə deyirdi: “Əgər Mask CEO vəzifəsində bir az da qalsaydı, şirkət iflas edəcəkdi. İlonun o dövrdəki səhvləri biznesin risklərini artırırdı’’.
Maskın PayPal-ın guya həqiqi təsisçisi olmadığı haqda danışılanlar reallığı əks etdirmir. Thiel, Levçin və şirkətin başqa rəhbərləri də eyni şeyləri dilə gətirirdilər. Söz-söhbətlərə cavab olaraq Mask əks-hücuma keçdi, bu da ona həqiqəti söyləmək və tarixi ədaləti müdafiə etmək üçün fürsət verdi. PayPal-ın keçmiş PR müdiri Vins Sollito Maskın ictimaiyyətlə əlaqələr məsələsinə baxışı haqda belə deyir: “Onun PR haqda anlayışı bundan ibarətdir ki, buraxılan səhvləri düzəltmək lazımdır. Əks təqdirdə səhvlər təkrarlanaraq presedent olacaq. Sonra o səhvlərin hər biri üçün vuruşaraq həqiqəti ortaya çıxartmağa məcbur qalacaqsan. Mask hər məsələni şəxsi olaraq qəbul edir və qarşıdurmadan çəkinmirdi’’.
O günlərdə Maskı ağına-bozuna baxmadan qabağa getmək həvəsinə görə tənqid edirdilər. Onun konfrontasiyaya meyli, çoxbilmişlik ədası və eqoizmi rəhbərlik etdiyi şirkətlərdə dərin çatlar yaradırdı. Nə qədər özünü ağır aparmağa çalışsa da, bu, investorları və təcrübəli menecerləri öz tərəfinə çəkmək üçün kifayət etmirdi. Zip2-də olduğu kimi PayPal-da da bu qənatə gəldilər ki, Mask CEO vəzifəsinə yaramır. Onun “satılmış işbaz”, texnologiyaları ona-buna peşkəş verən olduğunu söyləmək yalan olardı. Maskın ən azğın qarayaxanları bu ifadələri şəxsi söhbətlərlə yanaşı, camaat qarşısında da dilə gətirirdilər. Onlardan bəziləri Maskın xarakteri və hərəkətləri haqda getdikcə daha ağır kəlmələrdən istifadə edir, Maskı iş həyatında qeyri-etik, ünsiyyətdə isə vəhşi kimi qələmə verirdilər. Mənimlə söhbətlərində kitabda adlarının çəkilməsinə razı olmadılar. Bu adamlar Maskın onları məhkəmədə süründürəcəyi və bizneslərini batıracağından ehtiyat edirdilər.
Bunları qiymətləndirmək üçün tənqidləri Maskın nailiyyətləri ilə müqayisə etmək lazımdır. Onun insanları anlama və şəbəkədəki istifadəçilərin yaratdığı texnoloji trendləri görən anadangəlmə bir fəhmi vardı. Çoxları internetin nə olduğunu anlamağa çalışarkən Mask artıq onun məqsədyönlü inkişaf mexanizmlərini hazırlayırdı. O, kahin kimi bir çox texnoloji yenilikləri – kataloqlar, xəritələr, tematik saytlar və s.-ni öncədən görmüşdü. Bu yeniliklər indi internetin ayrılmaz parçalarıdır. İnsanlar Amazon.com və eBay-dan alış-veriş etməyə alışdıqdan sonra Mask tam təşəkküllü internet bankçılığına doğru böyük sıçrayış etdi. O, standart maliyyə mexanizmlərini onlayn edəcək, daha sonra isə yeni konseptlərlə bu sahəni modernləşdirəcəkdi. İnsan təbiətinin dərin bilicisi olduğunu göstərərək qurduğu şirkətlərə marketinq, texnologiyalar və maliyyə sahələrində müstəsna uğurlar qazandırdı. Mask sahibkarlıqla yüksək səviyyədə məşğul oldu; investorlar və mətbuatla çox az adam onun kimi çalışa bilirdi. Bunları edərkən insanlarla çoxmu sərt davranırdı? Şübhəsiz ki, sərtdi, amma necə möhtəşəm nəticələr qazanırdı.
Bütün “.com’’ şirkətləri sabun köpüyü kimi partlayıb yox olanda PayPal məhz Maskın idarəçiliyi sayəsində batmadı və 11 sentyabr terror aktından sonra birjaya girən ilk şirkət oldu. Sonra isə yüksək texnologiyalar sektorunun dərin böhran keçirdiyi bir vaxtda astronomik qiymətə eBay-a satıldı. O qarışıq dövrdə nəinki zəfər qazanmaq, heç ayaqda qalmaq belə imkansızdı.
PayPal Silikon Vadisi tarixində biznes və mühəndis istedadlarını birləşdirmiş ilk şirkət idi. Mask və Thiel ağıllı gəncləri tapıb şirkətə cəlb etməkdə usta idilər. Youtube, Linkedin və Yelp kimi startapların qurucuları PayPal məktəbini keçmişdilər. Bu məktəbin yetirmələri olan Reyd Hoffman, Peter Thiel, Ralf Bota kimi adamlar isə texnologiyalara böyük investisiyalar qoyan insanlar kimi ortaya çıxdılar. PayPal-ın əməkdaşları onlayn-dələduzluqla mübarizə metodlarının əsasını qoydular. Yaradılan proqram təminatından CIA və FBI terrorla mübarizədə, dünyanın böyük bankları isə fırıldaqçılığa qarşı istifadə etdilər. Bu super ağıllı gənclər “PayPal mafiyası’’ kimi tanınmağa başladılar. Onlar Silikon Vadisinin hakim sinfi sayılırdılar. Mask da bu sinfin ən məşhur və uğurlu üzvü idi.
Dönüb keçmişə baxanda Zip2 və PayPal rəhbərlərinin ehtiyatlı praqmatizminin qarşısında Maskın əngin xəyal gücü və enerjisi görünür. Əgər Zip2 müştərilərini Maskın istədiyi kimi cəlb etsəydi, şirkətin xəritəçilik və naviqasiyada tayı-bərabəri olmayacaqdı. PayPal-a gəlincə isə investorlar Maskı dinləməyib şirkəti erkən satdılar. Onu dinləsəydilər, PayPal daha uzun müddət müstəqil olaraq fəaliyyət göstərəcəkdi. 2014-cü il üçün PayPal-ın 153 milyon istifadəçisi vardı və onun bazar qiyməti 32 milyard dollar idi. Bundan əlavə, X.com-un ilkin məqsədini həyata keçirməyi hədəfləyən 3S adlı Square, Stripe və Simple kimi ödəmə və bank startapları da sürətlə inkişafda idi.
Əgər X.com İdarə Heyəti bir az da səbir etsəydi, Mask “Ümumi onlayn bank’’ sistemini qurmağa nail olacaqdı. Zaman göstərdi ki, Mask nəinki öz absurd ideyalarına inanır, o həm də onları həyata keçirir. Ankenbrandt deyir: “İlon dünyanı hamı kimi görmür. O, sadəcə olaraq bizə bənzəmir’’.
Zip2 və PayPal həngamələrinin içində Mask şəxsi həyatına da vaxt tapırdı. İllər boyu Castin Uilsonla uzaqdan flirt edir, həftəsonları onun yanına uçurdu. Sürəkli məşğul olması isə Maska düzgün münasibət qurmağa mane olurdu. Ancaq Zip2-nin satılmasından sonra öz evini aldı, Castinə daha çox diqqət ayırmağa başladı. Hamıda olduğu kimi onların da münasibətlərində get-gəllər yaşanırdı, lakin gənc aşiqlərin ehtirası sönmədi. Castin o dövrü belə xatırlayır: “Tez-tez küsüşürdük, amma dalaşmayanda aramızda dərin sevgi vardı – bu, sıx bağlılıq hissi idi’’. Bir dəfə Castinin keçmiş dostunun tez-tez ona zəng etməsinə görə sevgililər iki gün dalbadal dalaşdılar. İlona bu zənglər xoş gəlmirdi və X.com-un ofislərinin qarşısında ciddi münaqişə baş verdi. Castin o anda söylədiklərini belə ifadə edir: “Düşündüm ki, hər şey çox dramatik hal almağa başlayır və buna ancaq evlənməklə son qoymaq olar. İlona “mənə evlənmək təklifi et” dedim. Bir anlığa donub-qaldı, özünə gəlib evlənmək təklifi etdi”. Üstündən bir-iki gün sonra cəngavər ruhlu Mask Castini dalaşdıqları yerə gətirdi, dizi üstə çöküb ona nişan üzüyü hədiyyə etdi.
Castin Maskın çətin uşaqlığı olduğunu, onun göstərə biləcəyi reaksiya və emosiyaları yaxşı bilirdi. Bütün bunlar onu qorxutmur, romantik duyğularının o qorxuları üstələyəcəyinə inanırdı. Mask Makedoniyalı İsgəndərə heyrandı, tez-tez ondan danışırdı. Castin Maskı onu fəth edən fateh kimi görürdü. Sevgilisi haqda Castin belə deyir: “O, məsuliyyətdən qorxmurdu. Çətinliklərdən isə qaçmırdı. Evlənmək və uşaq sahibi olmaq istəyirdi’’. Mask elə bir inam və ehtiras saçırdı ki, Castin inanırdı ki, ona qarşı münasibəti həmişə yaxşı olacaq: “Pul Mask üçün əsas deyildi. O bilirdi ki, pulu həmişə qazana bilər’’.
Toydan sonra Castin qəlbini fəth edən qəhrəmanının başqa tərəfi ilə qarşılaşdı. Rəqs zamanı Mask onu özünə çəkib “Bizim münasibətlərimizdə əsas mənəm’’ dedi. İki ay sonra Castin evlilik müqaviləsi imzaladı – bu da onu narahat edən fikirləri oyandırdı və mübarizə yenidən başladı. O bu vəziyyəti bir neçə il sonra “Marie Claire’’ jurnalına verdiyi müsahibədə belə təsvir etmişdi: “Maska sürəkli nəsə çatışmırdı. Hər dəfə ona “Sənin arvadınam, işçin deyiləm’’ deyirdim. Mask isə mənə belə cavab verirdi: “Əgər mənim işçim olsan, səni işdən qovardım’’.
X.com-da baş verənlər təzəbəylə gəlinin münasibətini gərginləşdirdi. Əvvəlcə bal ayını təxirə saldılar, şirkətdəki üsyan isə sonrakı planlarını da pozdu. 2000-ci ilin dekabr ayında nisbətən sakitlik yarandı və Mask illər sonra ilk dəfə məzuniyyət götürdü. O, ikihəftəlik səyahət planlaşdırdı: birinci həftəni Braziliyada, ikincisini isə Cənubi Afrikada, Mozambiklə sərhəddəki ovçu qoruğunda keçirəcəkdilər. Mask Afrikada malyariyanın ən ölümcül növünə – tropik malyariyaya (falciparum malaria) yoluxdu. Bundan çox az insan sağ qurtulmuşdu.
Mask Kaliforniyaya yanvar ayında döndü, xəstəlik ən qızğın çağındaydı. Yatağa düşəndən bir neçə gün sonra Castin onu zorla həkimə apardı. Həkim onu təcili olaraq Redvuddakı Sequoia Hospital xəstəxanasına yerləşdirdi. Bir müddət sonra Mask Stanford xəstəxanasına müraciət edərək həkimlərə malyariya zonasında olduğunu söylədi. Ancaq onun analizlərində malyariya virusuna rast gəlinmədi. Həkimlər onurğa iliyinin punksiyasını edib Maska viruslu meningit diaqnozu qoydular. Müalicə başlayınca Mask nisbətən yaxşılaşdı. Onu evə buraxıb simptomların təkrarlana biləcəyi haqda xəbərdarlıq etdilər. İlon sonrasını belə xatırlayır: “Qısa müddət sonra vəziyyətim yenidən xarab olmağa başladı, halım get-gedə daha da pisləşirdi. Çox keçmədən ayaqlarım tutuldu. Birinci dəfəkindən daha ağır vəziyyətə düşmüşdüm’’. Castin Maskı bu dəfə başqa həkimə apardı, onun otağında İlon yerə yıxıldı. Bədəni elə susuzlaşmışdı ki, həkim Maskın ciyərlərini dinləyə bilmədi. Təcili yardım çağırıb onu əlində damcılıq, sistem altında yenidən Sequoia Hospital-a yerləşdirdilər. Orada Maska yenə yanlış diaqnoz qoydular – bu dəfə də malyariyanın növünü düz tapmadılar. Müalicə yanlış getdiyi üçün kənar effektlər çıxdı ortaya – ürək döyüntüsü artdı, bir çox orqanın funksional çatışmazlığı başladı.
Maskın müalicəsi düzgün getmirdi, vəziyyəti daha da ağırlaşdı. Başqa bir xəstəxananın malyariya üzrə daha təcrübəli həkimi təsadüfən Maskın analizlərini gördü və dərhal ona doksitsilin antibiotikinin ən maksimal dozasını yazdı. Bir gün də geciksə, Mask öləcəkdi.
İntensiv terapiya şöbəsində Mask əzab içində on dəhşətli gün keçirdi. Castin şok keçirmişdi: “Mask tank kimi sağlamdı. Olduqca dözümlüdür, kimsədə olmayan bir stress dayanıqlığı var onda. Onu bu dərəcədə aciz görmək başqa dünyaya səyahətə bənzəyirdi’’. Sağalması altı ay sürdü. 20 kilo arıqladı, şkafdakı bütün geyimləri ona gen gəldi. Mask başına gələnləri iki cümlə ilə belə izah etdi: “Mən ölümə çox yaxınlaşdım. Və bundan bir dərs çıxartdım – mənə məzuniyyətə çıxmaq düşmür. Tətil məni öldürür’’.

6. Kosmosdaki siçanlar
2001-ci ilin iyun ayında İlon Maskın 30 yaşı tamam oldu və ad günü ona ciddi bir zərbə oldu. Ciddi bir tonla Castinə belə dedi: “Mən artıq vunderkind deyiləm’’. Həmin ay X.com adı rəsmi olaraq PayPal-a dəyişdi. Bu da Maska şirkətin ondan alınaraq başqasına keçdiyini xatırladacaq pis bir xatirə olaraq qaldı. O, startap rejimində yaşamağı “Qeyri-müəyyənliyə boylanaraq əzab çəkmək’’ adlandırırdı. Belə həyat və Silikon Vadisi onu bezdirməyə başlamışdı. Maska elə gəlirdi ki, o hamının yüksək texnologiyalar sferasında çalışdığı, gecə-gündüz ancaq investisiya cəlb etmək, aksiyaların ilkin yerləşdirilməsi və böyük gəlirlər haqda danışılan bir dünyada yaşayır. Ətrafdakılar uzun iş günləri ilə lovğalanırdılar. Castin isə onlara gülürdü, çünki Maskın həyat tərzi daha ekstremaldı. O bəzi rəfiqələrinin ərlərinin evə saat yeddi-səkkizdə gəlməsindən şikayət etdiklərini deyirdi.
İlon isə evə axşam saat on birdə gəlir, hələ bir az da evində çalışırdı. Onun əldə etdiklərini qazanmaq üçün hansı qurbanlar verildiyini hər kəs anlamırdı. “Siçan yarışı’’ndan[15 - Siçan yarışı (ing. Rat race) – məğlubiyyətə məhkum sonsuz təqib, bir parça pendir üçün qaçan laboratoriya siçovulunun obrazı pul hərisi olub maddiyyat dalınca qaçan cəmiyyətlə assosiasiya olunur – İ.N.] qaçmaq fikri getdikcə daha cəzbedici olmağa başlayırdı. Mask bütün həyatı boyunca hədəflərini böyük tutmağa çalışdı. Bu baxımdan Palo-Alto onun üçün daha çox bir pilləkən idi, nəinki varılacaq məntəqə. Castin və Mask ailə qurmaq, həyatlarında yeni səhifə açmaq üçün cənuba – Los-Ancelesə köçməyə qərar verdilər. “Maskın Los-Anceles kimi bir yerin stilinə, canlılığına, rənglərinə rəğbəti vardı. İlon hadisələrin mərkəzində olmağı sevirdi’’, – Castin belə demişdi. Maskın bənzər duyğuları hiss edən kiçik bir dost qrupu da bir neçə illiyinə Los-Ancelesə köçdü. Sonrakı bir neçə il çılğınca keçmişdi.
Maskı özünə çəkən Los-Ancelesin lüksü və ehtişamı deyildi. Onu özünə həm də kosmos çəkirdi. PayPal-dan uzaqlaşdırılınca Mask kosmik gəmilər və kosmik uçuşlar haqdakı uşaqlıq xəyallarına qayıtdı və internet xidmətləri yaratmaqdan daha vacib işləri düşünməyə başladı. Çox keçmədən dostları onun davranış və düşüncələrində dəyişikliklər sezməyə başladılar. Eyni şeyi biznesdəki uğurlarını bayram etmək üçün Las-Veqasa yığışmış PayPal top-menecerləri də müşahidə etdilər. PayPal-ın ilk investorlarından olan Kevin Hartz “Hard Rock Cafe-nin çardağında söhbətləşirdik. İlon isə kənarda raket sənayesi haqda kiflənmiş, sanki eBay-dan alınmış köhnə sovet kitabı oxuyurdu. Kosmik uçuşlar və dünyanı dəyişmək haqda fikir yürüdürdü’’ demişdi.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/esli-vans/ilon-mask-tesla-spacex-v-moht-s-m-g-l-c-yin-izi-il-68289928/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes
Примечания

1
Alfa erkəyi – özünəarxayın, xarizmatik və lider tipli kişi – İ.N.

2
Hovard Robard Hyuz (ing. Howard Robard Hughes, 1905–1976) – amerikalı iş adamı, mühəndis, aviasiya pioneri, aktyor, rejissor, prodüser; “Hughes Aircraft”, “AirWest”, “Hughes Helicopters”, “TWA” kimi şirkətlərin sahibi; yığılan şassi, radionaviqasiya, avtopilot və b. mühəndis yeniliklərinin yaradıcısı – İ.N.

3
Silikon Vadisi – “Intel”, “Cisco”, “HP”, “Softway”, “Apple”, “Microsoft”, “Facebook”, “Twitter”, “Yahoo”, “Google” kimi şirkətlərin yerləşdikləri Şimali Kaliforniyadakı San-Hose vadisinə verilən addır – İ.N.

4
“Bloomberg Billionaires Endeks”ə görə Maskın sərvəti 2017-ci ilin sonunda 21,3 milyard dollar idi – İ.N.

5
Ivy League – Sarmaşıq Birliyi, Amerikanın şimal-şərqindəki 8 universitetin daxil olduğu birlik. Bu birliyə daxil olan ali məktəblər mükəmməllik və elit olmaq özəlliyi ilə fərqlənir – İ.N.

6
Orphan Annie (Yetim Enni) – məşhur amerikalı şair Ceyms Raylinin (James Whitcomb Riley, 1849–1916) şeirinin bir qəhrəmanı – İ.N.

7
Mask qardaşları bu mərhələdə özlərini pulgir iş adamları kimi aparmadılar. İnvestor Steve Jurvetson belə demişdi: ‘’Şirkətlərinin 25 faizi üçün cəmi 10 min dollar istədilər. Bu çox kiçik bir rəqəm idi. 3 milyonluq yatırımı eşidəndə ‘’Mohr Davidow’’un onların iş planını həqiqətən də oxuduğunu şübhə altına aldım. Amma iki qardaş bu pulu almağa nail olmuşdu’’.

8
Mask yeni ofislərini anası Mey və Castinə də göstərmişdi. Mey bəzən toplantılarda iştirak edir, ortaya maraqlı fikirlər atırdı. Zip2 xəritələrindəki gedilən yerdən geri qayıtmağı asanlaşdıran populyar özəllik bu gün bütün naviqasiya proqramlarında var. Amma o vaxt ‘’Evə dönüş trayektoriyası’’ adlı düyməni ilk dəfə məhz Mey təklif etmişdi.

9
Avuar (fr. avoir – sahib olmaq) – sahibinin öhdəliklərini ödəmək imkanı verən müxtəlif aktivlər (pul vəsaitləri, çeklər, veksellər, akkreditivlər); hər hansı bir ölkəyə məxsus olan həmin vəsaitlərin toplusu – İ.N.

10
Ralf Loren (ing. Ralph Lauren Lifshitz, 1931) – yəhudi əsilli amerikalı moda dizayneri, xeyriyyəçi, iş adamı, milyarder, Ralph Lauren brendinin sahibi, nadir avtomobillərdən ibarət kolleksiyası ilə tanınır – İ.N.)

11
Rods təqaüdçüsü (Rhodes) – Oksford universitetində oxumaq üçün verilən təqaüd, De Beers korporasiyasının qurucusu Cecilil Rhodes (1853–1902) tərəfindən təsis edilib – İ.N.

12
Sonralar Friker CEO olması fikrinin ondan deyil, bəzi çalışanlardan çıxdığını deyəcəkdi. Bir zamanlar çox yaxın dost olan Friker və Mask indi də küsülüdürlər. Friker bu haqda ‘’İlonun özünəxas əxlaqi və şərəf kriteriyaları var, oyunu sərt bir şəkildə oynayır. Biznes onun üçün bir savaşdır’’ demişdi. Maska görə isə ‘’Friker çox ağıllıdır, ancaq ürəyinin təmiz olduğunu düşünmürəm. Sükanı əlinə almaq üçün çox böyük arzusu vardı, əgər bacarsa, şirkəti başqa yerlərə istiqamətləndirəcəkdi’’. Friker maliyyə xidməti göstərən kanadalı GMP adlı şirkətin CEO-su oldu və çox uğurlu bir karyera qurdu. Payne isə Torontoda özəl bir hüquq şirkətinin rəhbəridir.

13
Şirkətin investorları Maskı CEO vəzifəsindən çıxartdılar. Onlar şirkəti birjaya açacaq daha təcrübəli bir rəhbər istəyirdilər. 1999-un dekabr ayında Intuit şirkətinin keçmiş baş direktoru Bill Harris X.com-a CEO təyin edildi. Birləşmədən sonra çalışanların çoxu Harrisdən üz döndərdilər, o da istefa verməyə məcbur oldu. Mask yenidən CEO vəzifəsinə geri döndü.

14
Söhbət edə bildiyim PayPal işçilərinin dediyinə görə, Maskın istefaya göndərilmə kampaniyasına Confinity-dən David Saks başçılıq edirdi. Buna baxmayaraq Mask və Saks gələcəkdə də münasibətlərini saxladılar, bərabər film çəkib ortaq işlər gördülər.

15
Siçan yarışı (ing. Rat race) – məğlubiyyətə məhkum sonsuz təqib, bir parça pendir üçün qaçan laboratoriya siçovulunun obrazı pul hərisi olub maddiyyat dalınca qaçan cəmiyyətlə assosiasiya olunur – İ.N.
İlon Mask: Tesla  SpaceX və möhtəşəm gələcəyin izi ilə Eşli Vans
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə

Eşli Vans

Тип: электронная книга

Жанр: Биографии и мемуары

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə, электронная книга автора Eşli Vans на азербайджанском языке, в жанре биографии и мемуары

  • Добавить отзыв