Gələcəyə ön söz

Gələcəyə ön söz
Qulu Məhərrəmli


Bu kitabda müxtəlif illərdə yazılan, ayrı-ayrı mövzuları əhatə edən, yaşadığımız dövrün, cəmiyyətin və ölkənin müxtəlif problemləri əks etdirilən məqalələri toplanıb.





Qulu Məhərrəmli

Gələcəyə ön söz



© «Altun kitab» MMC – 2019


* * *


Musəlman Şərqində ilk parlament li respublika – demokratik Cum hu – riy yət qurmuş, insan huquq və azadlıqlarını onə cək miş, muasir tipli universitet yarat mış, senzuranı ləğv edərək mət buat azadlığını de – mokratik də yərə cevirmiş Qurucu Babala rı mızın muqəddəs ruhuna dərin ehtiramla…







Publisist sözünün gücü


Təntənəli məclisdə masamızdakı həmkarlarımızdan biri «Jurnalistlər evi» ndə ona verilmiş mənzilin orderini alıb geri döndüyündə hamılıqla onu təbrik edib xeyli xoş sözlər söylədik. O da nəzakətlə təşəkkür edib «gün o gün olsun, sizi də eyni münasibətlə təbrik edək» dedi. Dostum Qulu Məhərrəmli də eləmə tənbəllik gülə-gülə qayıtdı ki, bizdə ki bu ağıl var, çətin belə bir şey olsun. Stol ətrafında əyləşmiş deputatlı-jurnalistli hamımız uğunub getdik gülməkdən…

Amma anladığım qədər hərə özlüyündə bir şeyə gülürdü. Şəxsən mən Qulunun sarkazmına, hələ də yumor hissini itirmədiyinə və özümə gülürdüm, o da bütün bunlarla yanaşı, görünür onun zarafatını hələ də anlaya bilənlərin mövcudluğuna sevinirdi. Amma ən dəhşətlisi o idi ki, hamı söhbətin nədən getdiyini gözəl anlayırdı. Bəlkə də, bəziləri bizim elə, doğrudan da, ağılsız olduğumuza gülür, öz aləmlərində düşünürdülər ki, belə «axmaqlar» olmasaydı, onların qılıncının dalı da, qabağı da kəsməyəcəkdi. Əslində isə Qulu bizi güldürmək yox, düşündürmək istəyirdi. Demək istəyirdi ki, gülmək yox, ağlamaq lazımdır. Həyat prinsiplərini, abrını və illərdir qazandığı hörməti itirmək istəməyənlərə artıq gülürlər. İnsanların gözünə dik baxıb sözünü deyənlərə ağılsız kimi baxırlar…

Geniş auditoriya Qulu Məhərrəmlini ekranlarda bir televiziya aparıcısı və siyasi şərhçi kimi görüb. Elmi ictimaiyyət isə onu həm də nüfuzlu jurnalistika mütəxəssisi, nəzəriyyəçi-alim, bu sahənin aktual problemlərinə dair sanballı tədqiqatların, dərslik və lüğətlərin müəllifi, ana dilimizin çağdaş problemlərini araşdıran, bu dilin təmizliyi uğrunda çarpışan ciddi alim kimi tanıyır.

Mən isə onu istedadlı jurnalist, güclü qələm sahibi, yuxarıda təsvir etdiyim epizoddakı Qulu kimi tanıyır və sevirəm. Mənim üçün etiraz etməyi bacaran insan milli ruhun və milli xarakterin daşıyıcısı, xalqın həqiqi təmsilçisidir. Buna görə də mən peşəkarlığına, istedadına, həqiqi vətəndaş mövqeyinə, diletantlığa etiraz edib mənəviyyatsızlığa «yox» deyə bildiyinə, haqsızlığa səssiz qalmadığına görə Qulu müəllimi həm də bu xalqın böyük ziyalısı sayıram.

Qulu Məhərrəmli başdan-ayağa yaradıcı adamdır və çoxşaxəli yaradıcılığında da publisistika ayrıca yer tutur. «Təkcə «Ayna» dakı sanballı yazılarını nəzərdən keçirmək kifayətdir ki, onun yaşadığımız narahat dünyanın, çağdaş dövrümüzün düşünən insanının, günümüzün mənəvi-psixoloji mənzərəsini necə ustalıqla cızmasının şahidi olasan» (Gülrux Əlibəyli). O, varlığımız və ictimai əxlaqımız üçün təhlükə yaradan meyilləri cəsarətlə tənqid etməkdən çəkinmir. Buna görə də onun yazıları təkcə bu günümüzün mənzərəsi deyil, həm də sabaha mesajlardır, gələcəyə ön sözdür…



    Elçin ŞIXLI




2013…


İlin sitatı:

«Qarabağda sivilizasiyalar yox, siyasi maraqlar toqquşur»




Vətənpərvərlik, boşboğazlıq və yapon fədakarlığı


Yox, mən Ə.Əylislinin «Daş yuxuları»ndan danışmayacam. Bu əsərdəki uğursuz epizodlar, işlədilən sərt ifadələr, həqiqətin təhrif olunması və ən başlıcası milli heysiyyətə toxunan mizan-tərəzinin pozulması haqda deyilən fikirlərə şərikəm. Gərək o boyda yazıçı xüsusi şövqlə təsvir etdiyi zorakı hadisələr üzərindən ləyaqət ölçülərinə sığmayan formada bütöv bir xalqın üzərinə yeriməyəydi. Həm də hər addımda onu didib-parçalamağa hazır olanlara bu fürsəti verməyəydi.

Nə isə… olan-oldu və bəlli oldu ki, qeyzlənmiş çoxluq istedadlı yazıçının, əxlaqını qəbul etmədiyi bir cəmiyyət və rejimlə savaşına normal baxmır. Ona görə də Ə.Əylisli kimi böyük yazıçıya olan iyrənc hücumlar ara vermir. Daha çox bir barmaq işarəsi ilə idarə olunan oyuna bənzəyən bu kütləvi hücumların əsas motivi isə belə hallarda kara gələn «vətənpərvərlik» bayatısıdır. Bəli, Vətənin dar günündə onun açıq yaralarına məlhəm olmayanlar indi vətənpərvərlik şərqisinə güc veriblər, duyğuları dilə gəlib coşmaqda, bülbül kimi ötməkdədirlər. Bu saxta vətənpərvərlik adamı çox qorxudur…


* * *

Azərbaycanda xalq hərəkatı başlayanda, millətin yüzlərlə övladı torpaqları qorumaq uğrunda fanatikcəsinə döyüşlərə yollananda biz vətənpərvərliyin gerçək üzünü gördük. Mübariz İbrahimovun şücaəti sayəsində bu duyğunu yenidən yaşadıq. Yəni həqiqi vətənsevərlər şüar demir, «lazım gələrsə…» kimi səfeh boşboğazlıqlar eləmir, çünki onlar əməl adamlarıdır və vətənpərvərliyi müqəddəs missiya bilirlər. Bir də var saxta vətənpərvərlər! Onların sevgisi dildədir və bu adamlar Vətənə qazanc mənbəyi, rüşvət ocağı, mənsəb meydanı kimi baxırlar.

Bu dünyanı görə-görə gəldikcə «vətənpərvərlik yaramazların son sığınacağıdır» kəlamının nə qədər sərrast deyildiyinə adamda zərrə qədər də şübhə qalmır. Həqiqətən, insan halının hissi-emosional çaları olan vətənpərvərlik bir çox saxtakarlar üçün yaramazlığını, bacarıqsızlığını, bivecliyini, diş altında olan tamahını ört-basdır etmək, həqiqətin üzərinə pərdə çəkmək üçün bir şüardır. Elə cazibədar şüar ki, onunla kütlənin kütləşmiş duyğularını hərəkətə gətirmək, adamları hara desən yönəltmək mümkündür, çətini mexanizm işə düşənəcəndir.

«Vətənpərvərlik» bu gün Azərbaycan jurnalistikasında da sevimli mövzulardandır. Məmurlar mətbuatı vətənpərvər olmağa və ölkənin «sirlərini» yaymamağa çağırır, rəsmilər jurnalistləri vətənpərvər olmamaqda qınayır. Jurnalistikanın mahiyyətindən bixəbər, amma yaltaqlıqda saç ağartmış hansısa universitet müəllimi də gələcəyin jurnalistlərinə dönə-dönə vətənpərvər olmağı tövsiyə edir. Amma bu məmur da, vəzifəli şəxs də, heç vaxt burnuna həqiqi jurnalistika havası dəyməmiş həmin o riyakar müəllim də vətənpərvərliyin nədən ibarət olduğunu anlada bilmir. Onlara elə gəlir ki, vətənpərvərlik vacib ictimai olayları xəbərləməkdən vaz keçmək, nöqsanlara göz yummaq, dövləti zəiflədən, ictimai əxlaqı pozan məsələlərlə bağlı araşdırma aparmaqdan çəkinmək, bir sözlə, jurnalistikanın əsas missiyasını unudub buyruq qulu olmaqdır. Halbuki jurnalist vətənpərvərliyinin çox sadə formulu var: baş verən olayları dəqiq və qərəzsiz xəbərləmək, həqiqətin yanında olmaq, cəmiyyəti düzgün məlumatlandırmaq! Biz bu missiyanı vicdanla gerçəkləşdirə biliriksə, öz peşə borcumuzu yerinə yetiririk. Yox, bunu edə bilmiriksə, üstəgəl hələ bir fərsiz məmurların sınıq-salxaq təbliğat maşınına miniriksə, hətta manipulyasiyadan da çəkinmiriksə, onda bizim ağızdolusu vətənpərvərlikdən dəm vurmaqdan başqa çarəmiz qalmır…


* * *

Yaponlar bizdən xeyli irəlidədir, təkcə texnologiyada yox, həm də işgüzarlıqda, ağılda və düşüncə tərzində. Təbii ki, yapon jurnalistinin vətənpərvərlik təsəvvürü də xeyli fərqlidir və bunu dostum Elçin Şıxlı Yaponiyadakı son zəlzələdən sonra bu ölkəyə səfərindən yazdığı təəssüratlarında çox parlaq təsvir edib. Söhbət zəlzələ vaxtı dəhşətli dağıntıya məruz qalmış İsinomaki şəhərində çıxan yerli qəzetin əməkdaşlarının adamı heyrətləndirən fədakarlığından gedir.

Təsəvvür edin, zəlzələdən dağılmış şəhərdə bir həftədir ki, işıq yoxdur, qəzetlər çıxmır, televiziya və radio işləmir, təbii ki, internet də çalışmır. Zəlzələdən sarsılmış insanlar hər şeydən məlumatsızdır, ətraflarında nə baş verdiyini bilmirlər. Belə bir məqamda yerli «İsinomaki xibi simbun» qəzetinin əməkdaşları işi dayandırmırlar. Onlar ertədən qəzet redaksiyasına toplaşır, tapşırıqlarını alıb adi telefon rabitəsinin də olmadığı şəhərin müxtəlif yerlərinə səpələnərək xəbər toplayır, bu materialları əllə yazıb divar qəzeti buraxmağa başlayırlar. Bu qəzeti səkkiz nüsxə köçürüb əhalinin gur olduğu yerlərdə asırlar. Lap qədimdə Yuli Sezar dövrünün gil lövhələrini xatırladan bu gündəlik divar qəzetləri bir həftə ərzində milyonluq əhalisi olan şəhərin sakinləri üçün əsas məlumat mənbəyinə çevrilir. Halbuki bu qəzeti çıxaran jurnalistlərin heç də hamısı həmin günlərdə öz ailə üzvləri və qohumlarının taleyindən xəbərdar deyiliydi, amma onlar öz peşə borclarını yerinə yetirir, təbii fəlakətlə üzləşmiş həmvətənlərinin dərdlərinə şərik olur, onları ruhdan düşməyə qoymurdular… Və yapon jurnalistləri heç vaxt vətənpərvərlikdən danışmırlar.



    05.02.2013

Qeyd: 2013–2014-cü ilə aid məqalələr «Ayna» qəzetində çıxdığı tarixlə verilmişdir. Sonrakı illərə (2015–2019) aid yazılarda isə materialın ayna.az saytına yükləndiyi tarix göstərilmişdir.




Azərbaycan elmi: göydə və yerdə


Ötən həftə mediada elm aləmi ilə bağlı bir neçə xəbər dolaşdı: Azərbaycan ilk dəfə kosmik orbitə rabitə peyki qaldırıb, Rusiya paytaxtında XIX əsr Azərbaycan tarixinə dair oçerklər kitabının təqdimatı olub, Moskva Dövlət Universiteti öz tarixində ilk dəfə azərbaycanlı müəllifin – riyaziyyatçı professor Nadir Süleymanovun kitabını nəşr edib. Ölkənin iki böyük aliminin – akademik Rafiq Əliyevin və professor Cəmil Həsənlinin Avropa və ABŞ-da dəyərli kitabları çap olunub. C.Həsənli həm də Almaniyanın nüfuzlu universitetlərində silsilə mühazirələr oxuyub. Bu xoş xəbərlərlə yanaşı bir üzücü hadisə də var: AMEA-nın prezidenti, gözəl alim və unudulmaz insan Mahmud Kərimov dünyasını dəyişib. Hər halda, ağlı-qaralı bu xəbərlər axıb gedən zaman içərisində elmin hələ də müəyyən işartılar verdiyinə sübutdur. Və bu işartılar elm və onun qüdrəti ilə bağlı köhnə əyyamlardan beynimdə ilişib qalmış bəzi fikirləri oyatdı…

Azərbaycanın orbitə telekommunikasiya peyki buraxmasına şadlananlar da oldu, dodaq büzənlər də. Təbii ki, hərənin də öz arqumenti var. Doğrusu, elmi-texniki mahiyyətə varmadan, bu məsələdə fantaziyalara güc vermək istədim. Adımızın kosmos ölkələri sırasına yazılması nəsə bir sevinc ilğımı yaşatdı mənə (balaca ölkədə yaşamaq belədi də…). Düzdür, bu peyki amerikalılar düzəldib və onu Fransadan fəzaya qaldırıblar, amma bütün hallarda burada Azərbaycanın intellektual payı və böyük maliyyə gücü iştirak edir. Üstəgəl, peykin orbiti dolaşması sahə elminin dirçəlməsinə, yeni texnoloji sahələrin yaranmasına təkan verə bilər. Amma təbii ki, göyə peyk uçurmaq hələ bütövlükdə elmimizin inkişafı demək deyil. Elmin gerçək vəziyyəti barədə danışmaq üçün mütləq göydən yerə enmək lazımdır.

Əlbəttə, bu gün ortada bir neçə adlı-sanlı alimin olması, ayrı-ayrı istedadlı alimlərin epizodik uğurları, «Elm fondu» nun yaradılması «Azərbaycanda elm ölüb» deyənlərlə razılaşmamaq üçün bəzən tutarlı dəlillər verir. Lakin bütövlükdə ölkə elminin bir çox səbəblərdən uçuruma getməsini də danmaq olmaz. Tədricən fundamental araşdırmalardan və müasir tədqiqat metodlarından uzaqlaşaraq publisistik çalarlarla «zənginləşən» humanitar elm sahələri ilə (tarix, ədəbiyyat, sosiologiya, fəlsəfə və s.) işim yoxdur. Bu sahənin getdikcə sayları və mənasız kitabları artan savadsız, sönük «alimlər» ini də bir yana qoyuram. Önəmli olan, bəşəriyyəti daim irəli aparan dəqiq elmlərdir, zatən elm deyəndə də çox vaxt bu sahələr nəzərdə tutulur. Şübhəsiz ki, Azərbaycanın bu sahədə parlaq ənənəsi olub və bu gün də bəzi elmi mərkəzlərdə, institut və universitet laboratoriyalarında maraqlı layihələr gerçəkləşdirilir. Lakin ayrı-ayrı fərdlərin fədakarlığına baxmayaraq bütövlükdə bu sferanın problemlərinə yanaşmada konseptuallıq yoxdur. Deyəsən, heç ölkə özü də elmdən bir şey gözləmir. Belə olmasaydı, Azərbaycanda elmin inkişafına ümumi büdcənin cəmi 6 faizi qədər cüzi vəsait ayırmazdılar. Halbuki bəzən hansısa şirkətin ofisinin tikintisinə bundan 4 dəfə çox vəsait buraxılır. Bəlkə də, maliyyə, bəlkə də, təşəbbüssüzlük və ruh düşkünlüyü səbəbindəndir ki, bu gün elm əhlinin əksəriyyətini bir süstlük və ümidsizlik bürüyüb, sanki onlar elmin məhsuldar qüvvə olmasına daha inanmırlar.

Təxminən bir ay əvvəl AMEA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunda olmasaydım, artıq bizdə elm gəmisinin tamamilə dəryalara qərq olduğunu düşünərdim. Amma burada gördüklərim həqiqi elmin sabahı ilə bağlı ümidlərimi artırdı. Sözün həqiqi mənasında çox müasir, zamanla ayaqlaşan, ölkədə gedən texnoloji quruculuğa təkan verən bir elm ocağı gördüm. İnstitutun profili ilə bağlı ən müasir istiqamətlər əhatə olunub, burada yüksək texnoloji ab-hava duyulur, hər şey avtomatlaşdırılıb və kompüterləşdirilib. Lokal şəbəkələri, nadir texnoloji qurğuları gördükcə, müasir tədqiqat laboratoriyalarını, bir növ, kosmik aura yaradan və bütün dünya ilə təmasa imkan verən videokonfrans zalını və interaktiv tədris mərkəzlərini gəzdikcə insan bir anlığa özünü «Sehrli xalat» filmində gələcəyə uçmuş uşaqların yerində hiss edir.

İnstitutun direktoru, akademik Rasim Əliquliyev sahə elminin mükəmməl bilicisi, texnoloji bilikləri populyar, anlaşıqlı bir dildə təbliğ edən müasir təfəkkürlü alimdir, üstəgəl ədalətli, çevik, təşəbbüskar və yüksək təşkilatçılığı olan rəhbərdir. Həm də beynəlxalq miqyasda tanınan mütəxəssisdir. İnstitutda daxili televiziya şəbəkəsi fəaliyyət göstərir, İKT ilə bağlı yeniliklər barədə davamlı məlumatlar verilir. Ayrıca nəşriyyatı olan institut iki elmi jurnal buraxır. İnformasiya cəmiyyəti və İKT ilə bağlı hamını maarifləndirə biləcək seriya kitabçalar nəşr edilir, əməkdaşların məqalələri xaricdəki nüfuzlu elmi jurnallarda çap olunur. Görünür, 2012-nin informasiya texnologiyaları ili adlandırılması təsadüfi deyilmiş…

Elm intellektual sərvətdir. Bu sərvəti və onu yaradanları dünya tanımalıdır, amma bizim dünyaya çıxışımız zəifdir, yaxud sadəcə, yaratdıqlarımız elm deyil. Görkəmli Azərbaycan alimi Azad Mirzəcanzadə elm adamlarından, daha doğrusu, yüksək alim adına iddia edən səviyyəsizlərdən narazı idi. Həmişə deyərdi ki, ölkədə alimlərin sayı artır, amma dünya elmində Azərbaycan alimlərinə istinad yoxdur. Deməli, stəkanda fırtına yaratmaqdan, saxta və gərəksiz elmi istiqamətlərdən qurtulmalı, dünya elminin nəbzini tutmalıyıq. Bu həm də o deməkdir ki, biz yalançı akademiklərə, elmə arxa qapıdan soxulan dil pəhləvanlarına deyil, bizi dünyada tanıdan və dünyanın tanıyıb-qəbul etdiyi həqiqi alimlərə istinad etməli, onlara dəyər (və pul) verməli, onları qorumalıyıq. Çünki yavaş-yavaş dünya da bizi tanıyır. Axı bizim göydə peykimiz var…



    16.02.2013




İntriqa mərəzi, yoxsa ekspert qərəzi?


Bu günlər ölkənin gündəmini təkcə siyasət fantaziyaları məşğul etmir. Arada şou əhlinin duzsuz söhbətləri də bu fantaziyalara «rəng» qatır. Pis odur ki, indi təhsil adamlarının dərslik mübahisələri də cəmiyyətə təxminən bu havada təqdim olunur. Cida çuvaldan çıxarılıb və ölkənin eyni amala xidmət etməli olan iki qurumu sanki qaydasız döyüşə başlayıb. Biri dərslik yazır, o birisi deyir ki, sənin kitabların mənim xoşuma gəlmir. Söhbət tədrisdən və dərslikdən gedəndə isə mövzuya biganə qalmaq olmur…

Təhsil Nazirliyi (TN) ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında münaqişənin qədim tarixçəsi və dolaşıq səbəbləri var. Amma son qarşıdurmanın süjet xətti çox sadədir: ölkə başçısı TQDK-ya orta məktəb dərsliklərinin monitorinqini aparmağı həvalə edir. O da yoxlayır və nazirliyə rəsmən bəyan edir ki, dərsliklərin böyük əksəriyyəti məktəblərdə istifadəyə yaramır. Nazirlik isə bu davranışı təkcə pis başlanğıc yox, həm də qərəzli, təkəbbürlü və ədalətsiz yanaşma hesab edir. Belə məlum olur ki, birinci ələ düşmüş fürsətdən, ikinci tərəf isə impulsiv verilmış qərarların boşluqlarından bəhrələnməyə çalışır.

Əlbəttə, belə «incə» məsələlərdə hakimlik etmək, bu situasiyada kimin haqlı olduğunu müəyyənləşdirmək çətindir. Ağacın hansı başını çevirsən, subyektiv görünmək duyğusu yaranır. Lakin tərəflərdən birinin qırmızı xətti keçdiyini də deməmək olmur. Mediaya verilən məlumatlar, rəylərdə ifadə olunan iradlar, müsahibələrdə göstərilən bəzi detallar belə bir təəssürat yaradır ki, dərsliklər ən ideal səviyyədə yazılsaydı belə, indiki halda hər şeyə qadir TQDK onu alt-üst edəcəkdi.

Mən bu məmləkətdə qapısı rüşvətə bağlı olan azsaylı qurumlardan biri kimi TQDK-ya da, uzun illərdir ki, burada ciddi işgüzar və mənəvi mühit yaratmış sədr Məleykə Abbaszadəyə də rəğbət bəsləyən adamlardanam. O bizim mühitdə dəyərli mütəxəssis və vicdanlı məmur keyfiyyətlərinin bir-birinə zidd olmadığını təkcə testlərdə yox, həyatda da bacarıqla sübut edib. Bu səbəbdəndir ki, Məleykə xanımın ədalətli, obyektiv və məntiqli çıxışları çoxlarında ona rəğbət yaradıb. Amma nə qədər qəribə olsa da, mən TQDK-nın mənfi rəy verdiyi «Azərbaycan dili» (1-ci və 3-cü siniflər üçün) dərsliklərini vərəqləyərkən məhz bu üç keyfiyyətin – ədalətin, obyektivliyin və məntiqin çatışmadığını gördüm. Dildən, dərslikdən, təhsildən və metodikadan başı çıxan bir adam kimi monitorinq tələsi ilə üz-üzə qalmış dərslik müəlliflərinin indi hansı hisslər keçirdiyini yaxşı anlayıram.

Dərslik, xüsusən orta məktəblər üçün yazılan dərslik, predmetə xüsusi yanaşma, həssaslıq, dil bilgisi, metodik incəlik və psixoloji duyum tələb edir. Aşağı sinif dərsliklərini yazmaq isə bir cəhənnəm əzabıdır, uzun illər, səbir, hövsələ, ciddi axtarış lazımdır. Müqayisələr aparmaq, psixoloqla, şıltaq rəssamlarla işləmək, az qala hər detalı, hər işarəni, kitabın hər vərəqinin hər kvadrat santimetrindəki semantikanı yüz dəfə ölçüb-biçmək də öz yerində… Və birdən TQDK-nın əliqılınclı ekspertləri peyda olur və səni tənbeh eləməyə başlayırlar. Onların «bu cümlələri niyə biz istəyən formada yazmamısınız» sualı adama sıyrılmış qılıncdan da qorxulu gəlir.

İstənilən mübahisəyə, o cümlədən dərslik kimi həssaslıq tələb edən məsələyə vicdanlı və qərəzsiz yanaşma vacibdir. Həm də vicdanı ildə bir-iki dəfə epizodik oyananların yox, bütövlükdə böhranlı məqamlarda söz deməkdən çəkinməyən adamların danışması vacibdir. Bu baxımdan səviyyəsinə inandığım bir çox təhsil ekspertləri dərslik monitorinqinin obyektivliyinə ciddi şübhə ilə baxır, «burada açıq şəkildə maraqlar toqquşmasına yol verilib», «vaxtilə dərslikləri keçməyən şəxslərin mətbuatda söylədikləri iradların əksəriyyəti yekun rəyin nəticə hissəsində öz əksini tapıb», «burada müasir monitorinq metodikasından əsər-əlamət yoxdur» deyirlər.

Müasir proseslər bizi sistemli düşüncə sərhədlərinə gətirib çıxarıb. Məncə, TQDK indiki monitorinqin məhz sistemini və formatını düz tapmayıb. İkincisi, dəsliklərə yanaşmada dəqiq kriterilərin olmaması da çox aydın görünür. Məsələn, konkret olaraq 1-ci sinif «Azərbaycan dili» dərsliyinə hansı meyarlarla yanaşmaq lazımdır» sualı havadan asılı qalıb. Elə bu səbəbdəndir ki, konseptual məsələləri əks etdirməli olan ekspert rəyində «qarpızın yerdə qalan dilimləri hardadır», «filan yerdə vergül qoymayıblar», «niyə kukla yox, gəlincik yazıblar», yaxud «şəkildə adamın ağzı niyə açıqdır» kimi qeyri-ciddi, TQDK-nın nüfuzunu aşağı salan lətifəvarı «iradlar» yer almazdı.

İndi ya zəlzələdən, ya vəlvələdən dərsliklərlə bağlı yaranmış vəziyyət təhsillə maraqlanan hər kəsi düşündürür. Sanki hücum əmri almış TQDK ekspertləri qılıncı qına qoyana oxşamırlar, Təhsil Nazirliyinin təmkinli görünən nümayəndələri də geri çəkilmək fikrində deyillər. Yaxşı ki dərslik müəllifləri də danışıb və xeyli ciddi arqumentlər səsləndiriblər. Bir şey də məlum olub ki, məmləkətdə intriqa mərəzi şiddət etməkdədir. Şiddət çanağının kimin başında çatlayacağını proqnozlaşdırmaq çətindir, amma indiki halda dərsliklərin ekspert qərəzinə və monitorinq tələsinə tuş gəldiyini demək çətin deyil…



    23.02.2013




Qərib ölkədəki əsgərin ağrıları


Harada olursa-olsun, o, fevralın 26-da mütləq məni axtarır, Rusiyanın müxtəlif şəhərlərindən zəng edir. Hal-əhvaldan sonra Xocalıdan, həlak olmuş döyüş dostlarından, qətlə yetirilmiş qocalardan və uşaqlardan, bir də Azərbaycanın bugünkü dərdlərindən danışırıq. Bir qayda olaraq, söhbətin sonunda vətən üçün darıxdığını və fürsət düşən kimi Bakıya qayıdacağını deyir. Deməyinə deyir, amma gəlmir, bəlkə də, gəlmək istəmir…


* * *

Bu il zəngi gecikmişdi, adətən, məni səhərlər arayırdı, amma indi günortadan keçsə də, bir xəbər yoxuydu. Şəhidlər Xiyabanına yaxınlaşarkən vücudumu bürüyən qeyri-adi hisslərin təsiri altında onu bir də xatırladım. Hətta «bəlkə, başında bir iş var» deyə düşündüm. Amma Xiyabanda Xocalı qurbanlarının sıra ilə düzülmüş məzarlarına tərəf burulanda telefonum «dilləndi», onun zəngi idi. Həmin əzəmətli və bir az da hüznlü səs idi. Hal-əhval tutub, sanki dayandığım yeri görürmüş kimi «Haradasan?» deyə soruşdu:

– Düz Aqilin məzarının yanındayam, – dedim. Sualından hiss etdim ki, o, məzarın ətrafındakı qadınların xəfif-xəfif ağlamasını aydınca eşidir.

– Allah komandirə rəhmət eləsin, biz ölməliydik, o yox! Axırıncı sözlərdə səsi bir az titrədi, ani pauza verdi. Hiss olundu ki, telefonu kənara tutdu, bir anlığa xəttə sükut çökdü, amma mən bu sükutda nəbz kimi vuran və bir kişi iradəsi ilə güclə boğulan hıçqırtını duydum.

Onların adı Milli Ordunun ilk əsgərləri siyahısına yazılıb. Həqiqi vətənsevərlər, milli heysiyyəti yaşadan fanatiklər idilər. 1991-ci ilin sonlarında Xocalıya gələndə hansı odun içinə düşdüklərini gözəl bilirdilər. Əvvəl 12 nəfər idilər, sonra 9 nəfər də əlavə olunmuşdu. Komandirləri Aqil Quliyev (Azərbaycanın Milli Qəhrəmanı) Belarusda hərbi məktəb bitirmişdi. Qarabağ hadisələri başlayanda rus ordusunu tərk edib Azərbaycana gəlmişdi. Ağıllı, bilikli, cəsur bir zabit idi. «Milli ordu» adının özü yerli əhalini xeyli ürəkləndirmişdi, xocalılılar əsgərlərin simasında dövlətin gücünü görürdülər. Doğrudur, bu güc hələ çox zəifiydi, avtomatdan başqa heç bir silahları yoxuydu, amma onlarda başqa bir ruh varıydı. 1992-ci ilin yanvarında Xocalıda olarkən kazarmalarında çəkdiyimiz solğun lentlərdə bu ruh hələ də yaşamaqdadır.

Cabbar həmin əsgərlərdən biriydi. Boy-buxunlu, cüssəli, bir az qaradinməz, qorxunun nə olduğunu bilməyən qıvraq bir əsgər idi. Uzun qolları və iri əlləri baxanın diqqətini o dəqiqə cəlb edirdi. «Kalaşnikov» avtomatı onun uzun barmaqları arasında balaca tapançaya oxşayırdı. Əfqanıstanda vuruşmuşdu, müharibədən heç qorxusu yoxuydu, deyirdi, döyüşmək üçün silahdan çox, ürək lazımdı. Hansısa zavodda işini atıb milli orduya könüllü yazılmışdı. Ən çətin tapşırıqları boynuna götürürdü. O da diqqətimi cəlb edirdi ki, Cabbarın üzü az-az gülür. Soruşanda deyirdi ki, «müharibə qurtarsın, nə qədər desən gülərik».

Fevralın 26-da, həmin qətliam gecəsində Cabbar əsgər qardaşları ilə birlikdə dinc əhaliyə mümkün olan köməyi edib. Onların çoxu, o cümlədən hələ bu hücumdan əvvəl yaralanmış taqım komandiri Aqil Quliyev həlak olub. Cabbar yaralansa da, ölümdən qurtula bilib, amma mənəvi əzablardan, ürək ağrılarından qurtara bilməyib. «Biz camaatı qoruya bilmədik, meyitləri çöllərə səpələnmiş qocaları və körpələri tez-tez yuxuda görürəm» sözləri dilindən düşmür. Təbii ki, bunlar bir döyüşçünun vicdanının səsidir.


* * *

Cabbar üçün müharibə bitməyib, ona görə hələ də üzü gülmür. Üzü həm də ona görə gülmür ki, keçmiş döyüşçülərin məmləkətdə adam kimi yaşaya bilməməsindən gileylidir. Qərib məmləkətdə ömür sürməyə məhkum edilmiş keçmiş əsgəri ağrıdan başqa səbəblər də var. «Bura gələnlər vətəndən yaxşı xəbərlər gətirmir, deyirlər, dolanışıq yox, iş yox, hər yerdə də rüşvət və ədalətsizlik var. Bunlar da bizi çox ağrıdır». Belə xəbərlərdən üzülən, ağrıyıb-sıxılan təkcə Cabbardırmı?



    02.03.2013




Qarabağda azan səsi


Düşmənləri sazla qovarıq torpağımızdan,
Yetimlərə köynək tikərik bayrağımızdan

    Ramiz Rövşən

Yaxın günlərdə qəzetlərdə və telekanallarda gedən belə bir görüntülü xəbər çoxlarının qəlbini riqqətə gətirdi ki, Qarabağın cəbhə xəttinə yaxın bölgələrindəki məscidlərdə azan veriləcək. Əcəba, nə gözəl! Bu xoş xəbərdən xeyli məmnun oldum. Bir anlığa islamda fərz buyurulan azanın insanlarda yaratdığı ilahi duyğular, coşqu, ruhi çırpıntılar və bir də neçə il əvvəl bəzi incəqəlbli məmurların «azan verilməsi paytaxtda narahatlıq yaradır» sözləri haqqında düşündüm. Amma televiziyaların haylı-küylü süjetlərindən anlaşıldı ki, bölgələrdə səslənən azan heç bir narahatlıq yaratmayacaq, əksinə, strateji məqsədlərə xidmət edəcək. Yəni Qarabağ ellərinə yayılıb çöllərində əks-səda yaradacaq azan səsi camaatımıza ürək-dirək, toxtaqlıq verəcək. Həm də məsələ təkcə xoş ovqat yaradan duyğusallıqla bitməyəcək, səhər-axşam səslənəcək bu azan düşmən tərəfə bizim necə möhkəm duruş gətirməyimiz (?!) haqqında da gözəl bir mesaj olacaq. Yəni ilahi sehrinə qurban olduğumuz bu azan səsi ilə biz qarşı tərəfdəkilərə mənəvi qüdrətimizi də nümayiş etdirəcəyik… Pəki, bu incə məramı və onda gizlənmiş dərindən-dərin hikməti anladıq. Amma bəzi mətləblər də qaranlıq qaldı ki, onları hüzurunuza ərz etmək istərdim.

Əvvəla, anlaşılmadı ki, Qarabağ məscidlərində indiyə qədər niyə azan verilmirmiş, bəlkə, əhli-sünnə namaza durmurmuş, ya mömin soydaşlarımızın sayı azmış, bəlkə, Bilali-həbəşdən bu yana müsəlman əhlini namaza haylayan azana ehtiyac yox imiş? Yox, əstəğfurullah! Yəqin ki, bunların heç biri deyil, bu torpaqda imanlı adamlar da, namaz əhli də kifayət qədərdir və onlar Tanrı ibadətlərini könül sevgisi ilə ifadə edirlər. Bəs onda azanın səslənməsini nəyə görə xüsusi bir təmtəraqla mətbuatda yayırıq, burda qeyri-adi nə var ki? Bəlkə, elə hesab edirik ki, azanın daimi səslənməsi Xankəndindəki və çevrədəki erməni vətəndaşlarımıza psixoloji təsir göstərəcək və onlar haqq yoluna qayıdacaqlar?

Əlbəttə, eyni ərazidə münaqişə aparan qüvvələr arasında psixoloji təsir cəhdlərinin olması təbiidir. Bunun yaxşı nümunəsini mən Kiprdə görmüşəm. İkiyə bölünmüş Lefkoşa (Nikoziya) şəhərinin bir yüksək yerində yunan icmasının prezidentinin iqamətgahı yerləşir. Bu iqamətgahın baxdığı üzbəüz yüksəklikdə isə türk icmasının inzibati binası tikilib və həmin binanın üzərində çox iri bayraq dalğalanır. Görünür, bunlar kifayət etmədiyindən türklər dağın döşünə – hər tərəfdən görünən nöqtəyə xüsusi daş materialla öz bayraqlarının iri və parlaq təsvirini həkk ediblər. Hər səhər bu bayrağı görən yunanların hansı hisslər keçirdiyini anlamaq çətin deyil. Amma şəhərdəki məscidlərdən azan səsini ucaltmaqla qarşı tərəfə təzyiq etmək türk icmasında heç kimin ağlına gəlməyib. Ona görə də bu gün Qarabağ məscidlərindən ucalan azan səsini qarşı tərəfə psixoloji təzyiq kimi qələmə vermək, bunu hansısa təbliğat elementinə çevirmək, hesab edirəm ki, yanlışdır. Adam düşünür ki, birdən qarşı tərəf də kilsələrdəki zənglərin səsini ucaltsa və ya onu aramsız səsləndirsə, onda nə olacaq?

Təbii ki, bizim Qarabağdakı erməni icması ilə hansısa səsləşməyə, oradakı Azərbaycan vətəndaşlarına müəyyən bilgi və mesajlar verməyimizə ehtiyac vardır. Bunun ən yaxşı yolu həmin bölgədə xüsusi radiostansiya yaratmaq, erməni və Azərbaycan dillərində fasiləsiz verilişlər yayımlamaqdır. Bu verilişlər hər iki xalqa yaxın olan musiqi xəzinəsindən bəhrələnər və bəzi birgə dəyərləri təbliğ edə bilər. Radio ilə yanaşı Qarabağdakı erməni icmasına yönəlik televiziya kanalımız da olarsa, daha yaxşı effekt alına bilər. Mən ağzı zorla Yerevana tərəf döndərilmış insanların belə bir jestə biganə qalacağını düşünmürəm.

Əslində, belə bir addımın atılmasının vacibliyi ilə bağlı bir neçə il əvvəl Xankəndi seçki dairəsindən parlamentdə təmsil olunan Flora xanımla geniş danışmışdıq. O zaman deputat xanım gənclərimizdə vətənpərvərlik duyğularının necə yüksəldilməsi və Qarabağ mövzusunun yaddaşlarda daimi qalması ilə bağlı ciddi və səmimi narahatlıq hissləri keçirirdi. Həmin vaxt biz Flora xanımla çox məsələləri, variantları müzakirə etmişdik. Maraqlı təkliflərdən biri də həmin radiokanal məsələsi idi, çünki belə bir kanalı indinin özündə də yaratmaq həm ideoloji, həm də iqtisadi cəhətdən əlverişlidir. Ona görə də məsələnin vacibliyini nəzərə alaraq Flora xanım bununla bağlı müəyyən instansiyalara müraciət etməli idi, etmişdi də…

Həmin cazibədar ideyanın müzakirəsindən neçə illər keçib. İndiyədək radiokanaldan bir xəbər çıxmadı, amma Qarabağda azan məsələsi bütün medianı dolaşdı…



    08.03.2013




Barış Manço ilə samuray söhbəti







Adətən, məşhur adamlarla ilk görüş yaddaşlarda daha parlaq qalır, çünki bu görüş, bir növ sənin düşüncəndəki obrazı canlandırır və ona əlavə ştrixlər vurur. Sonralar nələrsə dəyişə, dolğunlaşa, cilalana bilər, amma birinci görüşün təəssüratı həmişə unudulmaz olur. Mən böyük sənət adamı Barış Manço ilə birinci dəfə üzbəüz görüşdən aldığım təəssüratı hər dəfə xatırlayanda bu hisslərin adamı qətiyyən aldatmadığına bir daha əmin oluram. Məhz onunla birinci görüşün yaratdığı enerjinin sayəsindədir ki, indi də adı çəkiləndə yaddaşımda dərin ağlı, xoş qılığı, ünsiyyətçilliyi, ürəyəyatımlı səsi ilə adamı ovsunlayan bənzərsiz bir insan canlanır. Sonra isə yaddaşın başqa bir qatından onun qeyri-adi ifaçılıq məharəti, musiqi duyumu, nadir teleaparıcılığı, tanıdığı insanlara misilsiz sevgisi haqqında ən gözəl duyğular baş qaldırır.


* * *

Təbii ki, B.Mançonu Türkiyə kanallarından tanıyırdım, apardığı proqramlara baxırdım, Azərbaycanla bağlı layihələrindən, o cümlədən Bakıda uşaq televiziyası açmaq planlarından xəbərdar idim. Sovetlər birliyinin dağılhadağıl vaxtında «İstanbuldan salamlar»ı ilə Azərbaycan və Türkiyə arasında yeni bir körpü qurmuş Etibar Babayevlə yaxın dostluğundan da xəbərdar idim. Məhz Etibar bəyin vasitəsilə biz Barış bəylə Bakıda görüşmüş, onun çəkilişlərində iştirak etmiş, məclislərdə olmuş, maraqlı söhbətlər etmişdik. Ona görə də mən B.Mançonun növbəti dəfə Bakıda olduğundan xəbər tutan kimi E.Babayevi axtardım.

Söz vaxtına çəkər, 1996-cı ilin baharı idi, Azərbaycan televiziyasında rəhbərlik etdiyim «Səhər» proqramı ikinci iliydi efirə çıxırdı, verilişin yaxşı reytinqi varıydı. Proqrama marağın və populyarlığın bir səbəbi də vaxtaşırı efirə tanınmış adamların gəlməsi idi. Ona görə də mən Bakıda olan Barış Manço kimi məşhur bir sənətçini efirə çağırmaq fürsətini əldən verə bilməzdim. Şübhəsiz ki, Etibar bəy də mənim bu vur-hayda onu niyə axtardığımın səbəbini bilməmiş deyildi. Odur ki birbaşa mətləbə keçdi:

– Barış bəyin proqramı bugün-sabah çox gərgindir, amma sizin verilişə mütləq gələr, – dedi. Onun reaksiyası və səsinin xoş ahəngi məni bir az da ürəkləndirdi.

– Bəlkə, bu gün, ya sabah AzTV-də görüşək, – deyə mən məsələni bir az da konkretləşdirməyə çalışdım.

Televiziya işini incəliklərinə qədər bilən Etibar bəy mənim nə demək istədiyimi dərhal anladı:

– Yaxşı, nə deyirəm ki, onda sən sədrlə danış, sabah mən Barışı televiziyaya gəzintiyə gətirərəm, – dedi.

Etibar Babayev ziyalı ailəsindəndir, yaxşı mühitdə böyüyüb, uzun illər komsomolda və partiya orqanlarında çalışıb, əla təşkilatçılığı var. Hələ sovet vaxtı az qala dünyanın yarısını gəzib. Yaxşı mütaliəsi, gözəl qələmi, yüksək intellekti və istedad səviyyəsində olan intuisiyası var. Ən qabarıq cəhətlərindən biri də nəzakətli və dəqiq olmasıdır. Ona görə də danışdığımız vaxtda – günorta saat 3-də Barış Manço ilə birlikdə AzTV-də idilər.

Biz əvvəlcə studiyaları gəzdik, sonra mərhum sədr Babək Hüseynovla görüşdük, Barış Mançonun hesabına onun mürəbbəli çayından içdik. Sonra üçümüz birlikdə mənim otağıma qalxıb sabahkı proqramın konturlarını cızmağa başladıq. Əslində, söhbətin qurulması üçün elə bir çətinlik yox idi, çünki Barış özü televiziya adamı idi. Təkcə görüntünün yox, adi söhbətin dramaturgiyasını da gözəlcə qura bilirdi…

Proqramla bağlı söhbətdən sonra Barış Manço bir anlığa başını qaldırıb otağıma göz gəzdirdi. Baho, bu nə iş otağı imiş… Məni xəcalət təri basdı, sanki indi ayıldım ki, hər yer səliqəsiz və tör-tüküntü içindədi (qaç-qovda işlədiyimizdən, zatən, həmişə elə olurdu). Deyəsən, qonaq da mənim sıxıldığımı duydu və dərhal da təsəlliyə keçdi: «Canım, ne bu? Genelde benim odam bundan da dağınık oluyor». Əslində, inanmaq istədim ona, çünki belə idisə deməli, bu boyda sənətkarla məni birləşdirən ümumi bir cəhət olacaqdı. Bu düşüncədə ikən, mən ümidlə Etibar bəyə baxdım, amma onun təbəssümü mənim fantaziyalarımın «çiçəklənməsinə» imkan vermədi. Əvəzində «operativ» müdaxiləsi ilə söhbəti dəyişdi. Biz televiziyaların problemlərindən, müasir teleproqram yaratmağın çətinliklərindən, maaşdan, aparıcı işindən, uşaq verilişlərinin və səhər proqramlarının özəlliklərindən danışdıq.

Barış Manço öz televiziya layihələrindən də söz açdı və söhbətin bundan sonrakı hissəsi məni çox heyrətləndirdi. Məlum oldu ki, Yaponiyaya sonuncu səfəri zamanı verdiyi konsertlər çox böyük uğur qazanıb və onu izləyən ölkənin məşhur En-Eyç-Key televiziyası Barışı telekanalda uşaq verilişi aparmağa dəvət edib. Mən hövsələsizlik edib «necə yəni o boyda Yaponiyada veriliş aparmağa adam yoxdur ki…» sualını vermədim, amma Barış bəy sualı baxışlarımdan oxudu. Odur ki əyləşdiyi yerdən sıçrayıb ayağa qalxdı, uzun saçlarına və uca boy-buxununa işarə edərək, «yaponlar məni samuraya oxşadırlar», – dedi. Sonra əyləşdi və uzun barmaqlarını havada yellədə-yellədə sözünə davam etdi:

– Siz baxın, görün ki, bu millət öz gələcəyi ilə bağlı hansı dərinlikləri düşünür. Yaponlar hesab edirlər ki, uşaqlar üçün proqram aparan şəxs, onların yaddaşında şoumen kimi deyil, öz cəsur və qəhrəmanabənzər görkəmi ilə təəssürat yaratmalıdır. Deməli, indidən uşaqlara yol göstərir, kimlərə bənzəmələrini, hansı dəyərləri seçmələrini təlqin edirlər.

Sonra Barış bəy əlavə etdi ki, Yaponiya hökuməti onun iştirak edəcəyi layihənin gerçəkləşməsi üçün xeyli pul ayırır. «Bax mən yapon dilini öyrənməliyəm və dəvət eləyən televiziya mənə yüksək qonorardan əlavə həm də iki müəllim üçün pul ödəyəcək» – Barış bəy bu sözləri çox ləzzətli intonasiya ilə dedi.

Ertəsi gün Barış Manço proqrama yüksək əhvali-ruhiyyədə gəlmişdi. Efirdə onun mahnıları səslənirdi, bütün yaradıcı heyət canlı efirdə şövqlə çalışırdı. Aparıcı İlhamiyyə xanım da məharətlə qurduğu söhbəti və bütövlükdə proqramı gözəl idarə edirdi (Barışsevərlər həmin söhbətin bəzi hissələrini Youtube-da yerləşdiriblər). Bu, «Səhər» in tarixində ən maraqlı verilişlərdən biri idi. Proqrama təkcə tamaşaçılar yox, həmin gün səhər növbəsində olan televiziya işçiləri də nəfəs çəkmədən baxırdılar. Təsəvvür edin ki, proqramın sonuna yaxın Barış bəyi canlı görmək və ondan avtoqraf almaq üçün studiyanın ağzına xeyli adam toplaşmışdı. Bu adamlar sevdikləri insanı studiyadan ta giriş qapısına qədər müşayiət etdilər.


* * *

Mən sonralar Barış Manço ilə görüşə bilmədim, amma onun qrupundan tez-tez Bakıya gəlib-gedən dostlardan xəbər tuturdum ki, Barış bəy Yaponiya hazırlıqlarını sürətlə aparır, xalqın dilini, etnoqrafiyasını və bütövlükdə ölkəni öyrənir. Təəssüf ki, vaxtsız ölüm Barış bəyin çox işlərini, o cümlədən Yaponiya layihəsini yarıda qoydu. Amma kaş bu layihə reallaşaydı və biz samuray görkəmli türk sənət adamını gələcək dünyanın sahibləri olan dərrakəli yapon uşaqları arasında görüb bir az qürurlanaydıq. Biz görüntü ilə qürurlanmaqda ikən qıyıq gözlü və iti zəkalı yapon uşaqları ağıllarının üzərinə bir az da B.Mançodan gələn samuray işığını yığacaqdılar. Sonra da bu işığın izi ilə gedib tarixlərini, kimliklərini öyrənəcək, özlərini onlara qürurlu bir keçmiş qoyub getmiş əcdadlarına bənzətməyə çalışacaqdılar…

Yola saldığımız Novruz bayramı günlərində mən nə üçünsə Barış bəylə samuray söhbətini bir də xatırladım. Əslində, bu böyük sənət adamı haqqında yazmağa səbəb varıydı, çünki Etibar bəy hələ bayramdan qabaq zəng edib Barış Manço ilə bağlı xatirələri topladığını və mənim də bir şey yazmağımı istəmişdi. Mən onun aparıcılıq məharəti haqqında yazmağı düşünürdüm. Amma telekanallarda bütün Novruz bayramının iki düşük qəhrəmana – Keçələ və Kosaya bağlanması beynimdə bu samuray söhbətini təzələdi. Axı necə ola bilir ki, min illər boyu xalqın şüurunda, düşüncəsində, davranış və ənənəsində müqəddəslik qazanmış bir bayram iki təlxəyə bağlansın?

Ümumiyyətlə, ruhun və təbiətin oyanması, ilin dəyişməsi, məişətdən tutmuş ətraf aləmədək hər şeyin təzələnməsi, düşüncələrdə barış və mərhəmətin boy atması, ruzinin artması, xeyirin şərə üstün gəlməsini təlqin edən Novruz bayramı, deyəsən, məna və məzmununu itirməkdədir. Qaranlıq otaqlarda yazılan və mayasında haramlıq olan bayağı bayram ssenariləri telekanalların iştirakı ilə gün işığına çıxarılır. Xalq yaddaşındakı Novruz tədricən mahiyyətini dəyişərək, bəsit rejissuralı siyasi teatra çevrilir. Bəs bu teatr bizlərə nəyi aşılayır? Doğrunu, yoxsa yalanı? Çox vacib olan səmimiyyəti, yoxsa riyakarlığı? Ədaləti, yoxsa haqsızlığı? Mən də anlayıram ki, çətin suallardır, amma cavabı asandı: məqsədi gerçək mahiyyəti bayağılaşdırmaq, adamları ələ salmaq, şit zarafatlar və lağlağılarla əyləndirmək olan bir «teatr» öz seyrçilərinə nəyi aşılaya bilər ki?

Bax bu gün küçə tamaşalarında və ekranlarda gördüyümüz Keçəl və Kosa folklorumuzdakı qəhrəmanlar deyil, həmin qurama teatrın personajlarıdır. Həm də kifayət qədər ziyanlıdırlar. O səbəbdən də həvəslə Novruz tamaşalarına gedən və ya gözünü ekrana zilləyən uşaqlarımız bu personajlardan heç bir feyz anlaya bilməz. Axı onların hər ikisi qorxaq və yaltaqdır, qarınqulu və yalançıdır, xüsusən vəzifəli adam görəndə ikiqat əyilənlərdir. Üstəgəl, yumurta döyüşündə heç vaxt udmur, həmişə uduzurlar, deməli yumurtaları boşdur. Bəs onda yumurtası boş olanları biz niyə qəhrəmana çeviririk? Və millətə belə zərərli qəhrəmanlar sırımaq kimlərin ideyasıdır? Bəyəm yaponlar bizdən az bilirlər ki, milli dəyərlərini qəhrəmanların obrazı ilə təbliğ edirlər. Ruhun təzələndiyi bu bahar günlərində üzərində düşünməli olan daha dəhşətli sual isə budur: bəs biz hansı dəyərləri və kimlərin vasitəsilə təbliğ edirik?



    30.03.2013




İranı Azərbaycana necə birləşdirməli?







İran Azərbaycan üçün həmişə gözlənilməz təxribatlar mənbəyidir, son illərdə Tehran bizlər üçün arzuolunmaz davranışlar nümayiş etdirir. Həm də bunun üçün çox bəsit, amma emosional formalardan istifadə edərək Bakıdakı «görkəmli siyasətçiləri» asanlıqla tora sala bilir. Bu həftə bəzi media qurumlarında hansısa İran qəzetinin çaldığı köhnə bayatıya cavab olaraq səslənən «İranı Azərbaycana birləşdirək» çağırışları da onu göstərdi ki, biz tələyə qoyulmuş pendirə doğru qaçmağa çox tələsirik.

…10-15 il əvvəl, 90-cı illərin sonlarında dünyanın xoş günlərinin birində İslam inqilabının növbəti ildönümü ilə bağlı İranın Bakıdakı səfirliyi «Gülüstan» sarayında ziyafət verirdi. Onda toplantılar belə quru və sıxıntılı keçməzdi. Hamı bir-birinə qarışardı, rəsmilər media əhlindən qaçmaz, onlara bir az yaxın durar, ordan-burdan söhbət edərdilər. Mediaçılar da vəzifəli adamlar qarşısında təzim etməz, onlardan çəkinməzdilər. Belə toplantıların bir yaxşı cəhəti də varıydı ki, fərdi söhbətlərdə maraqlı məlumatlar almaq, bəzi məsələlərin gizlin tərəflərini müzakirə etmək olurdu. Həmişə olduğu kimi ziyafətdə gurluq idi, çox adam çağırılmışdı, yaxşı atmosfer var idi. Adətən, qədəhlərin cingiltisindən xüsusi impuls alan media əhli ziyafətdə içki verilməməsindən o qədər də rəncidə olmamışdı.

Təxminən yarım saat sürən rəsmi nitqlərdən və yeməkdən sonra hərə bir yana çəkilib iki-bir, üç-bir söhbət edirdi. Necə olmuşdusa, MTN-nin ovaxtkı rəhbəri Namiq Abbasov, Rafael Hüseynov və mən bir stol ətrafına düşmüşdük. Əvvəlcə ümumi şeylərdən danışır, mövzuları ehtiyatla seçirdik. Amma Namiq müəllimə sual verməkdən də özümüzü saxlaya bilmirdik. Sonra çoxlarının haqlı olaraq «milli adam» hesab etdiyi nazirin səmimiyyəti və jurnalist keçmişi bizi yavaş-yavaş ürəkləndirdi. Bəzi suallara dəqiq cavab almaq üçün Namiq müəllimin incə damarını tutmağa çalışırdıq (sən bizdə ürəyə bax ey!). Təbii ki, İrana yaxından bələd olduğu üçün Rafael təşəbbüsü ələ almağa çalışırdı.

Onda R.Hüseynov hələ deputat deyildi, amma elə deputat kimi səsi hər yerdən gəlirdi, istedadı və işgüzarlığı ilə çox işləri yarıdırdı. Mətbuat adamlarının gur olduğu toplantılarda onu da tez-tez görmək mümkün idi. Zatən, özü də jurnalistlik edirdi, «Amerikanın səsi» nin təmsilçisi kimi maraqlı reportajlar, müsahibələr hazırlayırdı. İndi də əlinə Milli təhlükəsizlik nazirindən faydalanmaq fürsəti düşmüşdü. Əsas müzakirə mövzusu isə Azərbaycan-İran münasibətləri idi.

– Namiq müəllim, üzdə deyilənləri başa düşürük, bəs, əslində, bizim İranla münasibətlərimizin gerçək vəziyyəti necədir?

– Mən mətbuatı izləyirəm. Yazılanlardan bu qənaətə gəlirəm ki, münasibətlərimiz, hər halda, normaldır, – dedi və gülümsündü, yəni mesaj verdi ki, «incə damar» taktikası keçərli deyil. Sonra bizim ona məlul-məlul baxdığımızı görüb əlavə etdi:

– Bilirsiniz, dövlətlər səviyyəsində münasibətlər, həqiqətən, normaldır. Amma İran rəsmiləri çox kiçik şeylərdən qıcıqlanırlar. Məsələn, üç gün əvvəl Elçibəy Güneylə bağlı bir bəyanat verib, oralarda aləm dəyib bir-birinə, Tehranda səfirimizi çağırıb nota veriblər.

Namiq müəllim bunları dedi, sonra qayğılı-qayğılı əlavə etdi ki, gərək belə şeylər olmasın!

– Niyə, ay Namiq müəllim, əksinə, bu cür bəyanatlar olmalıdır ki, İran özünü yığışdırsın, – bunu da R.Hüseynov özünəməxsus emosionallıqla dedi. Sonra da eyni ahənglə bunları əlavə etdi:

– Tehran qəzetləri gündə bir iftira yazır, hökumət bəlli səbəblərə görə bunlara cavab vermirsə, qoy, heç olmasa, ictimai təşkilatlar, ayrı-ayrı xadimlər danışsın. Yoxsa biz dinmirik, onların da ayağı yer alır.

Namiq müəllim ani pauza verib bizi sınayıcı nəzərlərlə süzdü. Bircə kəlmə ilə bu mövzunu yekunlaşdırmaq işarəsi verdi:

– Mənim etirazım yoxdur, bir faydası varsa, münasibətləri korlamırsa, gəlin elə gündə bir bəyanat verək. Məsələ bir az başqa cürdü, İranla öcəşmək ciddi təhlükədir, onunla ağıllı və incə davranmaq lazımdır.

Həqiqətən, İran elə-belə dövlət deyil, real təhlükələrə baxmayaraq dünyanın ən qüdrətli ölkəsi ilə münaqişə aparır. Bir əli Rusiyanın və Çinin ətəyindədir. Ölkədə düymədən tutmuş, təyyarəyədək hər şey istehsal edilir, tükənməz yanacaq ehtiyatı var. Bir çox islam ölkələrinə maddi yardım göstərir, ərəb rejimlərini dəstəkləyir, Yaxın Şərqdəki radikal, dini-hərbi təşkilatlara təsir edə bilir. Qafqazda və Xəzər hövzəsində geosiyasi maraqlar uğrunda çarpışır. Güclü hərbi rejimi, ordusu, ən müasir silahları, təsirli ideologiyası var. Onun nüvə silahına iddialı olması bütün dünyanı qarışdırıb. Əlbəttə, bunlar o demək deyil ki, biz Tehrandan qorxub-çəkinək. Amma o deməkdir ki, Azərbaycan İranla incə davranmalıdır.

Tale İran və Azərbaycanı çox nöqtələrdə birləşdirib. Bizim müştərək tariximiz, mədəniyyətimiz, dinimiz vardır. İntəhası, siyasi maraqların parçalanması iki ölkə arasında müəyyən çat yaradıb. Amma diplomatiya ondan ötrüdür ki, bu çatları bərpa edə bilsin. Təəssüf ki, son 20 ildə İranda da, bizdə də bir çoxları ölkələr arasındakı bu çatları daha da dərinləşdirməyə çalışır. Bu gün Azərbaycanda Cənubdakı soydaşlarımızın problemlərindən əndişələnən gerçək vətənpərvərlər az deyil, amma bu mövzunu siyasi oyuncağa çevirən balaca siyasətçilərin sayı onlardan qat-qat çoxdur. Onların Güneylə bağlı bəyanatları və Tehran rejimini ittiham etmələri populizmdən başqa bir şey deyildir. İllüziyalara qapılmayın, İran heç vaxt parçalanmayacaq. Bu dövləti parçalamaq istəyən bütün imperiyaların çöküb tarixə gömüldüyünü görmək lazımdır. ABŞ və Avropa da sizləri çaşdırmasın: onlar İranı parçalamaq yox, rejimi dəyişmək istəyirlər.

Dünyada heç nə səbəbsiz baş vermir. Bir yanlış hərəkət başqasını doğurur. Bu baxımdan İranla bizim aramızda gedən söz davası psixoloji müharibədən başqa bir şey deyil. Son günlər bu müharibənin yeni savaşı birbaşa hər iki ölkənin müstəqilliyinin inkarına yönəlib. Bizim üçün xüsusi qorxu yaradan bu absurddan əl çəkməli, İranı özümüzə «birləşdirmək» fikrindən vaz keçməliyik. Eyni zamanda Qərbə İran bizi sıxır mesajının mənasızlığını anlatmalı və Tehrandakı siyasi nadanların toruna düşməməliyik.



    06.04.2013




Rüstəm İbrahimbəyovun Qarabağ tezisləri







Yenə vurhavur, yenə hay-həşirdir. Yenə ölkə mediasında qəzəb dalğası kükrəyir, manipulyasiya qasırğası püskürür, qəzetlər asıb-kəsir, yalanın biri bir qəpiyə gedir. Qaraya boyanmış ekranlardan açılan yaylım atəşləri yenə də millətin başucalığı və qürur yeri olan görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovu hədəfə alıb. Onun Rusiyanın «Rosbalt» saytına verdiyi son müsahibə yazıçıya qarşı yeni və əsassız ittihamlar dalğası yaradıb.

Əslində, cəmiyyət də, Rüstəm bəy özü də, yavaş-yavaş buna alışır ki, o, ağzını açıb danışan kimi xalqımızın daim ayıq olan «növbətçi» vətənpərvər oğul və qızları «həqiqətin» müdafiəsinə qalxır, ilhamlarını uca göylərdən alaraq qəzet səhifələrində və ekranlarda «zərbəçi əmək növbəsi» çəkirlər.

Bəs R.İbrahimbəyov bu dəfə Qarabağ problemi ilə bağlı nə deyib ki, aləm belə qarışıb? Hər gün qəzet aldığım köşkün nurani satıcısı bu sualı yana-yana səsləndirib ətrafdakılara da eşitdirməsəydi, bəlkə, heç adam bu məsələyə belə əhəmiyyət verməzdi:

– «Ay müəllim, bizim savadımız yoxdu, bəlkə, siz biləsiniz! Bu kişi nə deyib axı, oxuyuram görürəm ki, gül kimi söz danışıb də… burda nə var ki? Niyə düşüblər bu kişinin üstünə?!»

Mahiyyətə varanda məlum olur ki, böyük sənətkar, prinsipcə ənənəvi mövqeyindən fərqlənən təzə heç nə deməyib, bəzi dayaz «siyasətçilərin», onlarla həmfikir olan məhəlli «politoloqların», çiçəyi burnunda olan «ekspertlərin» iddia etdikləri kimi, heç bir milli marağa qarşı da çıxmayıb. Əksinə, R.İbrahimbəyov bu müsahibədə əli dünyanın nəbzi üzərində olan müasir düşüncəli bir azərbaycanlı kimi çıxış edir, bir çox işıqlı mətləblərdən, ağrılı siyasi problemlərdən danışır, ciddi ümumiləşdirmələr aparır, məsələyə dünyada gedən tendensiyalar prizmasından yanaşır. Rusca az-maz oxuya bilən, dünyanın işlərindən azacıq baş çıxaran səviyyəli adam müsahibəyə göz gəzdirən kimi dərhal anlayır ki, burada söhbət piket və iclas şüarlarından yox, ciddi dünyəvi mətləblərdən gedir. Bu da aydın nəzərə çarpır ki, kifayət qədər intellektual səviyyənin nümayiş olunduğu müsahibə atüstü hazırlanmayıb, suallar və cavablar üzərində diqqətlə düşünülüb, hər şey ciddi götür-qoy edilib.

Əlbəttə, konkret hədəfə – rus auditoriyasına ünvanlanmış bir müsahibədə R.İbrahimbəyovun SSRİ üçün nostalji keçirməsini kimsə qınayar, ona «sovet ziyalısı» deyə rişxənd edə bilər. Bəlkə də, bu məqamda yazıçını anlamaq olar, çünki yetişib-şöhrətləndiyi bir sistemin, ən azı sosial ədalət baxımından bəzi üstünlükləri varıydı (hər halda, səviyyəsizləri, quldurları vəzifə başına keçirməz, rüşvətxorluğa belə geniş meydan verməzdilər) və bunu danmaq mümkünsüzdür. Amma həzərat, başınızı qaldırıb ona yaxşı-yaxşı baxın: bu bütün dünyanın tanıdığı Rüstəm İbrahimbəyovdur. O, sıradan bir adam, adi qələm sahibi deyil. Uzun illər Azərbaycan kinosunun ağırlığını çiyinlərində daşımış, ədəbiyyat, teatr və kino sahəsində keçmiş SSRİ-nin, bu günsə dünyanın tanınmış yaradıcı simalarından biridir. Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri, Avropa Kino Akademiyası və Amerika Kinematoqrafik Elm və İncəsənət Akademiyasının üzvü, nüfuzlu beynəlxalq kino festivallarının təşkilatçısı, Oskar mükafatçısı, 40-dan artıq bədii filmin, maraqlı roman və pyeslərin müəllifidir. Yəni bu adam nəyi və necə deməyi ona ağıl öyrətmək istəyənlərdən, ittihamçılardan və böhtançılardan, təhqirlə danışanlardan, həqiqətə göz yumub müsahibənin məğzini sifarişlə təhrif edənlərdən daha yaxşı bilir.

Nəsə, keçək əsas mətləbə. Dayaz adamların hamının onlar kimi düşünməməsindən rəncidə olması anlaşılandır, amma R.İbrahimbəyov kimi nəhəng bir şəxsiyyətə zorla «antiazərbaycan», «milli maraqlara qarşı çıxan», «sifariş yerinə yetirən» yarlıqları yapışdırmaq mümkünsüzdür. Onu «ölkəmizin ərazi bütövlüyünü şübhə altına almaqda» ittiham etmək də, yumşaq desək, səfehlikdir. Uzun illərdir ki, onun Qarabağ münaqişəsinə münasibəti dəyişməzdir. Hələ hadisələrin başladığı ilk illərdə görkəmli yazıçının Fransada Daşnaksütyun partiyasının rəhbərlərini tənqid etməsi, Şarl Aznavuru dialoqa çağırması, Rusiya elitasına ciddi etirazlar etməsi nə tez yaddan çıxdı?

R.İbrahimbəyov kəsərli söz, dərin fikir və konkret əməl adamıdır. Yüksək intellekti, geniş düşüncəsi və əla polemika aparmaq məharəti var, istənilən mövzuya mötəbər forma verməyi bacarır. Ssenari ustalığı ona ən adi faktı hadisəyə çevirmək imkanı verir. Onda sezdiyim ən parlaq keyfiyyətlərdən biri də bütöv bir institut qədər piar aparmaq qabiliyyətinin olmasıdır. Harada nəyi, nə vaxt və necə deməyi gözəl bilir. Ona görə də bir sayt müsahibəsinə görə, az qala yerin altını-üstünə çevirmək istəyənlərə vaxtında mesaj verdi ki, nə özünüzü aldadın, nə də oxucuları çaşdırın. Böyük sənətçinin problemlə bağlı mövqeyi həmin mesajda bir daha aydın ifadə olunub. Yəni R.İbrahimbəyova görə, «Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir». Daha sonra «millətə xain çıxan» sənətkar bunları deyir:

«– əminəm ki, XX–XXI əsrlərdə ərazi münaqişələrinin həllinə istənilən cəhdlər kimi Ermənistanın təcavüzkar hərəkətləri bəşəriyyətə qarşı cinayətdir;

– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran əsl səbəblər olduqca mürəkkəb və çox dərindir və onların açıq müzakirəsi məsələnin dinc yolla həllinə xidmət edərdi;

– torpaqlar əhali ilə birlikdə qayıdır. Hansı millətdən olursa-olsun, Qarabağ sakinləri de-yure Azərbaycan vətəndaşlarıdır;

– erməni xalqı Ermənistan rəhbərliyi, onun millətçi dairələri tərəfindən başlanmış müharibənin qurbanıdır».

Qəzet köşkünün satıcısı demişkən, axı burda nə var ki? Hamının bildiyi və mətbuatda dəfələrlə yazılmış belə sadə şeyləri anlamaq üçün bəyəm böyük siyasətçi olmaq lazımdır? Deyəsən, bu suala cavabda məşhur filmdəki «sənin sifətin mənim heç xoşuma gəlmir» məşhur ifadəsini yada salmadan keçinmək olmayacaq.

Təbii ki, bütün bunlar adamda təəssüf doğurur, düşündürür və məyus edir. Onsuz da millətin ruhunu ifadə edən ziyalıları bir-bir vurub sıradan çıxardığımız bu günlərdə yaxın və uzaq çevrəmizdə məyusedici olaylar baş verir. O cümlədən Qarabağ məsələsi ilə bağlı bizə xoş olmayan xəbərlər eşidirik. Nə qədər ağır olsa da, yazını həmin xəbərlərdən biri ilə bitirmək zorundayam.

«ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul edib. Qətnamədə 1988-ci ildə bölgədə baş qaldıran separatçılıq milli azadlıq hərəkatı kimi qiymətləndirilir. Bu sənəddə ABŞ prezidenti və Konqresinə «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımağa çağırış yer alır».

Eeeyy!! Cənab deputatlar, uzaqgörən «siyasətçilər», «politoloqlar», «ekspetlər», köşə yazarları, hardasınız?



    13.04.2013




«Dəmir ledi» əfsanəsi







Mən onu ilk dəfə 1992-ci ilin payızında Bakıya səfəri zamanı «Gülüstan» sarayında lap yaxından görmüşdüm. Adamları maraqla seyr edən sərt baxışları, replikalara ani reaksiyası, üzündən əskik olmayan təbəssümü, qətiyyətli səsi və bir də əsl kübar xanımlara xas olan incə davranışı yadımda qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP şirkətinin məsləhətçisi kimi Bakıya xeyli ümidlər doğuran səfərindən geniş reportaj hazırlamışdım. «Xəbərlər» in gecə buraxılışında isə ayrıca şərhlə çıxış etmişdim. Şərhin yadımda qalan təxmini motivi bu idi ki, ingilisləri Bakıya çəkib gətirən neft qoxusudur və xanım Tetçerin də səfəri 1918-ci ildə ingilislərin yarımçıq qalmış niyyətlərini gerçəkləşdirmək üçündür. Belə yanaşmaya «mız» qoyan olmadı. Onda məmləkətimiz gerçək müstəqilliyin eyforiyasını yaşayırdı, televiziyada da azadlığın hüdudları kifayət qədər geniş idi…


* * *

Böyük Britaniya tarixində ilk və hələlik yeganə qadın baş nazir, son 150 ildə ən uzunömürlü hökumətin başçısı olmuş Marqaret Tetçerin adı ötən əsrin axırlarında bütün dünyada bir əfsanə kimi dolaşırdı. Avropada onu güzəştsiz siyasət cəngavəri sayır, Amerikada ondan heyrətlə danışırdılar, üçüncü dünya ölkələrində isə bu ingilis xanımına, sadəcə qibtə və həsədlə baxırdılar. Mediada və siyasət mərkəzlərində ona əbəs yerə «Dəmir ledi» ləqəbini verməmişdilər. O, ənənəvi siyasətin gücünə və özünün polad iradəsinə arxalanaraq bütün fəaliyyəti boyu yaddaşlardan silinməkdə olan orta əsr İngiltərəsinin möhtəşəm obrazını dirçəldib təqdim etməyə çalışırdı. İnadkarlığına və sərtliyinə görə siyasətçilər onu, həm də «parlaq tiran» (H.Macmillan) və «İngiltərədə ən yaxşı kişi» (R.Reyqan) adlandırırdılar.

M.Tetçerin «Şər imperiyası» adlanan SSRİ-dən zəhləsi gedirdi, sovet sistemini və kommunizmi bütün Avropa üçün böyük təhlükə sayırdı. Lakin M.Qorbaçov «yenidənqurması»ndan sonra münasibətlər bir az ilıqlaşmışdı. Sovet ictimaiyyəti ilk dəfə onunla 80-ci illərin axırlarında üz-üzə görüşə bildi. M.Tetçer həmin dövrdə Moskvaya səfərə hazırlaşırdı, həmin səfər ərəfəsində isə Mərkəzi televiziya Böyük Britaniyanın baş naziri ilə bir müsahibə hazırlamışdı.

Həmin müsahibəni televiziyada sovet ideologiyasını tərənnüm edən dörd nüfuzlu siyasi icmalçı aparırdı. Qeyri-bərabər döyüşə bənzəyən və etik qaydaların tez-tez pozulduğu bu müsahibə mənim heç yadımdan çıxmır. Kişilər bir-birilə bəhsə girərək xanım Tetçerə suallar yağdırır, protokol müsahibəsinin hədlərini keçərək onunla mübahisəyə girişir, Qərbin demokratiya dəyərləri barədə baş nazirin arqumentlərini «heçə çıxarmağa» çalışırdılar. Bu qeyri-bərabər «döyüşdə» Tetçer nə qədər gözəl, ağıllı və məğrur görünürdü. O, briqada üsulu ilə üzərinə tökülmüş sovet jurnalistlərinin hücum xarakterli suallarına ağılla, təmkinlə, məntiqlə və həm də onu bir az da gözəlləşdirən təbəssümlə cavab verirdi. Uzun illər sovet adamlarına «mənfur» imperializmin dayaqlarından biri kimi təqdim edilən dövlətin təmsilçisi tamaşaçıların gözü qarşısında sülh göyərçini kimi qanad açıb uçurdu. O, ingilis hiyləgərliyi ilə deyil, dərin ağlının, zəkasının işığı ilə insanların qəlbini fəth edirdi. Həmin illərdə Tetçer təkcə ekran müsahibəsi ilə yox, Moskvaya səfəri, bu səfərin gedişində qeyri-standart davranışı ilə də sovet adamlarının gözündə böyük siyasətçi obrazını təsdiqləmişdi.

Hakimiyyətə gələndən iki il sonra, 1981-ci ildə keçirilmiş ictimai rəy sorğusunda məlum oldu ki, M.Tetçer Britaniya tarixində ən az sevilən baş nazir imiş (rəqibləri onu cəmiyyəti varlılara və kasıblara bölməkdə ittiham edirdi, lakin sonralar o, qaza, neftə, polada, telefona, hava yollarına dövlət monopoliyasını ləğv edərək bu sahələri özəlləşdirdi). Ancaq bircə il keçdi və Argentinaya qarşı Folklend müharibəsini udandan sonra onun Mühafizəkarlar partiyası parlament seçkilərində çox parlaq qələbə qazandı. Məhz bu müharibə onun siyasi bioqrafiyasında və İngiltərənin müasir tarixində möhtəşəm səhifəyə çevrildi.

Xanım Tetçer bu müharibədə sözün əsl mənasında qibtəediləsi qətiyyət, güclü xarakter və tükənməz enerji nümayiş etdirdi. Folklend sahillərində Britaniyanın iki hərbi gəmisini batırması Argentinaya baha oturdu. Tetçer bütün hərbi-dəniz donanmasını və ölkə kəşfiyyatını ayağa qaldıraraq müstəmləkəçi əcdadlarının ruhunu dirçəltdi. O təkcə Argentinanı dizi üstə qoymadı, həm də onunla gizli əlaqəsi olan Avropa dövlətlərinin gözünün odunu aldı. İlk növbədə Peruya gəmivuran raketlər satmış Fransanı divara dirədi, qos-qoca Mitteranı hədələdi, NATO üzrə müttəfiqlərinə sərt mesajlar verdi. Qarşı tərəfə gizli rəğbətinə görə SSRİ-ni də cavabsız qoymadı. Nəticədə artıq 1982-ci ilin iyulunda Britaniya Folklend adalarına yenidən sahiblənmişdi.


* * *

Xanım Tetçeri ikinci dəfə 1995-ci ilin oktyabrında ABŞ-da gördüm. BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gəlmişdi. O vaxt az qala bütün dünya BMT-yə toplaşmışdı və sanki burada görkəmli siyasətçilərin qeyri-adi paradı keçirilirdi. Tədbirdə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev də burada diqqət mərkəzində idi (o zaman Qərblə neft müqaviləsi yeni bağlanmışdı). Bu səbəbdən AzTV-nin rəhbərlik etdiyim çəkiliş qrupu saat kimi işləyir, hər bir detalı tutmağa çalışırdı. H.Əliyevin gərgin qrafik şəraitində C.Meycor, J.Şirak, İ.Rabin, U.Kekkonen, M.Olbrayt kimi nəhəng siyasət adamları ilə görüşləri indi də bir kino lenti kimi gözlərim önündən gəlib-keçir.

İqamətgahı Nyu-York otellərinin birində yerləşən H.Əliyevlə görüşə xanım M.Tetçer də gəlmişdi. Görüşün təxminən 5-6 dəqiqəsi jurnalistlərin iştirakı ilə keçdi, sonra uzun və qapalı söhbət oldu. Görüş bitəndən sonra baronessa Azərbaycan jurnalistləri ilə müsahibəyə razılaşdı. Otelin kiçik dəhlizində səslənən və hərəsi bir batman olan sualların çoxluğuna baxmayaraq (əslində, buna müsahibə demək olmazdı) açıq hiss olunurdu ki, siyasətçi xanım, sadəcə, xətrimizə dəyməmək üçün bizi yola verirdi. O səbəbdən də bütün sualları çox ümumi sözlərlə, həm də qısa cavablandırırdı, heç bir ciddi mətləbə toxunmurdu. Mən əlimdə mikrofon onunla lap üzbəüz dayanmışdım, «Dəmir ledi» nin üz cizgilərini, gözlərində bir anlığa parlayıb-sönən qığılcımları, soyuqqanlı davranışını və bir də çoxmənalı siyasətçi təbəssümünü rahatca müşahidə edirdim…

Britaniyanın baş naziri C.Kameron M.Tetçerlə vida mərasimində onu böyük lider, böyük baş nazir və böyük britaniyalı adlandırdı. Bəli, 87 il ömür sürmüş, bir çox siyasi burulğanlardan məharətlə keçmiş baronessa, həqiqətən, böyük ölkənin böyük lideri idi. Onun şərəfli siyasi bioqrafiyası ölkəsi üçün başucalığına çevrildi, çünki bütün varlığı ilə sevib xidmət göstərdiyi xalqının tarixdən qaynaqlanan milli qüruruna yeni və silinməz çalarlar əlavə edə bildi. Baronessa təkcə Britaniya siyasi həyatında deyil, dünya siyasi tarixində bütöv bir mərhələ oldu.

Xanım Tetçer dövlət idarəçiliyi və siyasət sahəsində bir çox dəyərlər yaratdı, həm də Qərbin az qala unudulmuş dəyərlərini gün işığına çıxararaq onlara yeni həyat verdi. Bütün bunları o, «Dövləti idarəetmə sənəti» kitabında əks etdirib. Bu əsərdə bir çox parlaq müddəalar diqqəti cəlb edir. Tetçerə görə, məhz şəxsiyyətə, onun ləyaqətinə hörmət, mülkiyyətin toxunulmazlığı, müstəqillik və azadlığın qorunması, hüquqi zəmin, demokratiya kimi dəyərlər Avropanı hökmran mövqeyə çıxarmışdı. Ona görə də ağıllı və düşünülmüş hüquqi təminat həm cəmiyyət, həm də iqtisadiyyat üçün misilsiz əhəmiyyət kəsb edir. O, dövlət – vətəndaş münasibətlərinə də çox orijinal yanaşaraq hesab edir ki, dövlət cəmiyyətdən fərqlidir. Dövlət insanların ağası deyil, nökəridir, ona görə də dövlət hökmranlıq etməməli, yalnız xidmət etməli olduğuna inanmalıdır.

Müasir dünya üçün aktual olan «hərb və sülh» məsələsinə də demokratiya prizmasından yanaşması baronessanın orijinallığı sayılır. Onun bu barədə irəli sürdüyü müddəalar çox əhəmiyyətlidir. M.Tetçer bütün ölkələrdə və qitələrdə demokratiyanın bərqərar olmasını ölkəsinin xarici siyasətinin əsas qanunu və üstəlik də fundamental aspekti hesab edir. Eyni zamanda «Dəmir ledi» yə görə, ağlabatan və sabit beynəlxalq qayda yalnız millətlərə və milli dövlətlərə hörmət üzərində qurulmalıdır.

Əlbəttə, demokratiya və idarəçilik haqqında o siyasətçilərin fikirləri qəbul edilir ki, onlar öz fəaliyyətləri ilə bu müdrikliyi təsdiqləyirlər. Yəni sözləri ilə əməlləri arasında fərq yoxdur. Müasir dünya tarixində bir epoxa olmuş M.Tetçer məhz o siyasətçilərdəniydi ki, haqqında danışdığı dəyərlərə sadiq idi, bəzəkli şüarlar yox, tarixi yaradırdı. Tarix isə öz səhifələrində məhz belə nəhənglərə qucaq açır, onları həm əfsanə, həm də həqiqət kimi yaşadır.



    23.04.2013




MDB-də mətbuat azadlığı Avropanın nəyinə lazımdır?


Bu həftənin üç gününü yaşıl xiyabanlarına və küçələrinin genişliyinə görə dünyanın ən maraqlı şəhərlərindən sayılan Kiyevdə oldum. Müstəqil Azərbaycan mətbuatının patriarxları – Arif Əliyev və Elçin Şıxlı ilə birlikdə Ukrayna paytaxtında media azadlığı problemlərinin müzakirə edildiyi toplantıya qatılmışdıq. Avropa Komissiyasının himayəsi ilə keçirilən möhtəşəm tədbir günümüz üçün aktual olan bu problemin konkret məkanda – MDB-yə daxil olan Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanda öz əksini necə tapmasını araşdırırdı. Eyni zamanda toplantı adıçəkilən ölkələrdə mətbuat azadlığının indeksini müəyyənləşdirmək üçün də metodika hazırlamalı idi.

Problem hədsiz dərəcədə həssas, müzakirəsi isə gərəkli olduğundan iştirakçılar dil qəfəsə qoymadan danışır, dərdlərini deyir, suallar verir, mübahisə edir, bir-birlərinin sözünü kəsir, bəzən razılaşır, çox vaxt da hərə öz fikrində qalırdı. Hərənin ağzından bir avaz gəlməsinə baxmayaraq onların hamısını eyni fikir birləşdirirdi: hökumətlər jurnalistlərin azadlığına qarşı çıxır, mətbuatı iqtisadi cəhətdən sıxır, tənqidi boğur, məlumat almağı çətinləşdirir. Belə vəziyyət isə təbii ki, insanları ruhdan salır, demokratik dəyişikliklərə inamı azaldır. Ona görə də idealda düşünülən mətbuat azadlığı fikri qalmışdı bir tərəfdə, hər kəs öz ölkəsində gördüyünü çağırırdı:

– Özünüzü aldatmayın, mətbuat azadlığı bir illüziyadır. Neçə ildir mediadayam, vəziyyət daha da pisləşir, Qərb avtoritar rejimlərə təzyiq mexanizmi tapmasa, vəziyyət daha da pisləşəcək – bunu Moldovadan olan Kristina deyirdi.

– Siz nə danışırsınız? Mətbuat azadlığı olmasaydı, bugünkü Gürcüstan cəmiyyəti də olmazdı. Azad mətbuatsız vətəndaş cəmiyyəti mümkün deyil, bir az mübariz olmaq lazımdır, – deyə Nelli Sukuladze etirazını bildirirdi.

– Bilirsiniz, mətbuat azadlığı var, amma bu, hökumətin nəzarəti altında olan azadlıqdır, o səbəbdən də cəmiyyətə faydası azdır – bu da Yerevan Pres-klubunun rəhbəri Boris Navasardyanın fikri idi.

– Biz şahidik ki, mətbuat azadlığı yaşadığımız cəmiyyəti dəyişir, bizim özümüzü də dəyişir, onun üçün də cəmiyyət bu azadlıq uğrunda mübarizə aparmalıdır, – deyə ukraynalı Oksana Voloşenyuk əməlli-başlı inqilabi çağırış edirdi.

– Siz kefdən danışırsınız ey, deyəsən, Belarusdan xəbəriniz yoxdur. Bizdə tənqid yazan qəzetləri mələdirlər, jurnalistləri tuturlar. Hər yerdə senzuradır, bizim televiziyada, hətta musiqiyə də senzura qoyublar, bəstəkarlara və mahnılara aid «qara siyahı» var – Minskdən gəlmiş Lena bunları ağlamsınaraq deyirdi.


* * *

Tədbirin təşkilatçısı olan «İnterneyus Ukrayna» nın ofisində aparılan bu qızğın müzakirələr göstərdi ki, sovet şinelindən çıxmış respublikaların hamısında mətbuat azadlığı ilə bağlı vəziyyət təxminən eynidir. Azərbaycanda da azad mediaya təzyiqlərin getdikcə artdığının xüsusi vurğulandığı müzakirələrin ab-havası onu da təsdiq etdi ki, adıçəkilən ölkələrdə demokratiya romantikası hələ də ölməyib, cəmiyyət diridir. Yəni həbslərə, cərimələrə və başqa təzyiqlərə baxmayaraq hələ də azad medianın nəfəsi gəlir, məsləkli jurnalist cameəsi avtoritar rejimlərin basqısına tab gətirərək cəmiyyətdəki işığı əks etdirir. Deməli, indi əsas vəzifə hökumətin isti qucağına sığınmaqdan imtina etmiş azad medianı qoruyub gücləndirməkdir. Görünür, buna görədir ki, Avropa Komissiyası MDB ölkələrində media azadlığını əvvəlkindən daha çox həssaslıqla diqqət mərkəzində saxlamağa çalışır.

Bəs nədir azad media və Qərb institutları nəyə görə onun üzərində bu qədər əsirlər? Mövcud təsəvvürlərə görə, müstəqil mətbuat heç bir təmənna güdmədən məlumatı dəqiq və qərəzsiz şəkildə öz auditoriyasına çatdıran vicdanlı araçıdır. Bu media hakimiyyət üzərində ictimai nəzarətçi, ictimai tənqidçi, həm də ictimai forumdur. Belə media cəmiyyətə doğru məlumatlar verməklə qaranlıqlara işıq salır, gediləcək yolları işıqlandırır, xalqı talayan korrupsioner hakimiyyətləri ifşa edir. Bu missiyasını gerçəkləşdirmək üçün media mütləq müstəqil olmalıdır. Doğrudur, bəzən hökumətin rəsmən maliyyələşdirmədiyi qəzetlər və xəbər saytları da özlərini müstəqil adlandırmağa meyillənir. Lakin belə yanaşma «müstəqillik» sözünün mənasını daraldır. Çünki qəzetin, yaxud telekanalın müstəqilliyi birinci növbədə hakimiyyətdən, heç bir siyasi qüvvədən, heç bir biznes qurumundan və oliqarxdan asılı olmaması ilə ölçülür. Bilirəm ki, bu dəqiqə ağlınızdan sual keçir ki, yəni bizdə belə TV var? Yaxud müstəqil qəzetlərimizin sayı bir əlin barmaqları qədər olar?

Mətbuat azadlığı birbaşa söz və fikir azadlığı ilə bağlıdır. Çünki azad mətbuat ictimai inkişaf üçün vacib olan fikir müxtəlifliyinə şərait yaradır və sabit ictimai quruluşun dağılmasının qarşısını alır. Deməli, mətbuat azadlığı sabitlik və dəyişiklik arasında müvazinət yaratmaq vasitəsidir. Bax buna görə də kövrək cəmiyyətlərin, təbii ki, həm də demokratik sistem qurmaq istəyən cəmiyyətlərin möhkəmliyi üçün Avropa demokratiyası bütün cəmiyyətlərdə mətbuat azadlığının olmasını istəyir. Avtoritar hökumətlər isə bundan qorxur.


* * *

MDB məkanında gedən proseslərin acı təcrübəsi göstərir ki, mətbuat azadlığı üçün təhlükələr həmişə qalır. Bu təhlükələr hökumətin birbaşa və dolayı nəzarəti, siyasi basqı, iqtisadi təzyiq, çap və yayım vasitələrinin nəzarətdə saxlanması və s. ilə bağlıdır. Məsələn, çox rəmzidir ki, mətbuat azadlığı problemlərinin qızğın müzakirə edildiyi bu üç gün Ukraynada da hadisəsiz ötüşmədi. Hökumət neçə aylardan bəri susdurmağa çalışdığı ölkənin əsas müxalifət mövqeli TV-İ telekanalının təsisçilərini «hüquqi yolla» dəyişdirdi. Yerli mətbuat bunu söz azadlığına basqı kimi qəbul etdi, telekanalın jurnalist kollektivi bu addıma kütləvi etirazla cavab verdi, ölkə parlamentinin bir çox deputatı bu dəyişikliyi azad medianı susdurmaq cəhdi kimi qınadı.

Biz baş verən olayın Ukrayna mətbuatında necə işıqlandırılması ilə maraqlandıq. Məlum oldu ki, hökumətyönlü qəzetlər və telekanallar bu barədə təkidlə susur, söz azadlığına yaranmış təhlükə ilə bağlı məlumatları ölkə ictimaiyyətinə yalnız azad mətbuat çatdırırdı…



    27.04.2013




Azərbaycan sendviçlə dürmək arasında


Azərbaycanı Cənubdan və Şimaldan sendviç kimi əzirlər…

    Səməd Seyidov (millət vəkili)

Bu siyasət davam etsə, onları iki yox, dörd tərəfdən sıxacaqlar.

    Vəfa Quluzadə (politoloq)

Hər tərəfdən sıxılan sendviç olmur, bu, artıq dürmək olur.

    Eldar Namazov (EL hərəkatının rəhbəri)

Azərbaycanın geosiyasi mövqeyi barədə bizlərdə lap əvvəldən şişirdilmiş təsəvvür yaradılıb: Şərqlə Qərb burada qovuşur, biz Qafqazın incisi, Avropanın qapısıyıq. Qərbə gedən yollar burdan keçir, üç dəniz əhatəsindəyik, İpək yolunun mərkəzindəyik və sair və ilaxır. Təbii ki, bu iddialarda doğru məqamlar var, lakin gerçəklik budur ki, biz qonşu Gürcüstan qədər cazibədar geosiyasi imkanlara malik deyilik. Məsələn, bizim Avropaya və dünya dəniz sularına birbaşa çıxışımız yoxdur. Şimalda Rusiya, cənubda isə İran kimi tarixən bizi qapazaltı eləməyə fürsət axtaran qonşularımız var. Türkiyə ilə aramızda isə Moskvanın və Tehranın yəhərli atı kimi hər an minilməyə hazır olan Ermənistan dayanır. Yəni regionun xəritəsi tarixən elə cızılıb ki, biz Avropa ilə təmas üçün əlimizi mütləq hansısa ölkənin üzərindən uzatmalıyıq. Hələ nə yaxşı ki, Gürcüstan var.

Mövcud geosiyasi vəziyyətdə Azərbaycan necə xarici siyasət yeritməlidir ki, başı salamat qalsın? Bir çox politoloqların ironik yanaşmasına baxmayaraq mürəkkəb geopolitik şərait Azərbaycandan məhz balanslaşdırılmış, yəni tarazlaşdırılmış xarici siyasət yeridilməsini tələb edir. Əslində, tarazlaşdırılmış siyasət diplomatiyada kifayət qədər qəbul edilmiş və tez-tez istifadə olunan strategiyadır. Azərbaycan da çox mürəkkəb bölgədə yerləşir, imperiya yaddaşlı qonşularımızın və regionda marağı olan digər güclərin mənafeləri burada toqquşur. Ona görə Heydər Əliyevin zamanında Azərbaycanın balanslaşdırılmış siyasət adlandırılan strategiyası irəli sürülmüşdü ki, məsələn, hansısa nöqtədə Qərblə, Türkiyə ilə, İsraillə həssas olmaq lazımdır, yaxud başqa məsələlərdə Rusiya və İranla əməkdaşlıq etmək vacibdir. Yəni sistemi elə qurmaq ki, bu ölkələrin toqquşan, bir çox hallarda bir-birinə zidd olan maraqları ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxarmasın.

Azərbaycan neçə illərdir ki, məhz nefti və tarazlaşdırılmış siyasət yeritməsi sayəsində bəzi uğurlara nail olub. Lakin son iki ildə bu siyasətin ölkəmiz üçün təhlükə doğuran iri çatlar verməsi göz qabağındadır. Qərblə münasibətlərin sərtləşməsi, Rusiyadan əsən soyuq küləklər, İranın anlaşılmaz və kobud davranışları, Türkiyədən ara-sıra eşidilən incik notlar xeyli düşündürücüdür. Bu həftə xarici işlər naziri E.Məmmədyarovun İsrailə səfəri və orada Azərbaycanın Qərb dəyərlərinə sədaqəti, demokratiyaya can atması barədə bəyanatları ilə ölkəmizin baş administratoru R.Mehdiyevin İran səfərində «bədniyyətli» Qərbi yıxıb-sürüməsi arasında aşkar ziddiyyətlərin ortaya çıxmasını da bu təhlükə simptomları siyahısına yazmaq olar. Formal məntiqə görə, bu davranışlar balanslı siyasətə xidmət edir, amma siyasi gerçəklik başqa şeyləri diktə edir. Bəs nə baş verir? Bəlkə, dünya dəyişir, bəlkə, biz kral kimi lütlənirik, yoxsa balanslaşdırılmış siyasət öz sehrli gücünü itirir? Eyni zamanda bu suallara həm «hə», həm də «yox» demək olar, amma bütün hallarda problemin kökünü bu siyasətin «əmma» larında axtarmaq lazım gəlir. Nədən ibarətdir bu «əmma» lar?

Burada əsas problem odur ki, bu ölçülü-biçili siyasət diplomatiya üçün gərəkli olduğu qədər də mürəkkəb strategiyalardan biridir. Onun iki nəticəsi olur: ya hamıyla dost, ya hamıyla düşmən olursan, orta yol yoxdur. Bu mürəkkəb strategiyanın qüsursuz həyata keçirilməsi çox böyük bacarıq, həssaslıq, həm də güclü, peşəkar komanda olmasını tələb edir. Həmin komanda gərək beynəlxalq münasibətlər sistemini, diplomatiyanı o qədər dərindən bilsin (və izləsin) ki, qəliz xarici siyasət xəttini həyata keçirməyi bacarsın. Əlbəttə, ən asan strategiya hansısa bir güc mərkəzinin tərkibində olmaqdır. Məsələn, NATO-ya və Avropa Birliyinə, yaxud Rusiyanın yaratdığı Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Sazişinə üzv olmalısan. Belə qurumlara daxil olan ölkələr bir tərəfdən xarici siyasətlə bağlı o qədər də «baş sındırmırlar», ona görə ki təhlükəsizliklərinə əsas güc mərkəzi təminat verir. Bundan sonra mürəkkəb geosiyasi oyunlara diqqət ayırmağa ehtiyac qalmır. Ancaq balanslaşdırılmış siyasəti həyata keçirmək üçün 3-4 güc mərkəzi arasında elə manevrlər edib elə sistem qurmalısan ki, hər güc mərkəzi istədiyinin bir qismini səndən ala bilsin. Ala bilmədiyi hissə də o qədər həssas olmasın və bir-birini kompensasiya etsin. Bununla da ölkə, hətta maraqları toqquşan 3-4 güc mərkəzi arasında hamıyla normal münasibətlər qura bilir. Lakin lazımi bilik və bacarığa malik komanda olmayanda, həmçinin dünya gerçəklikləri nəzərə alınmayanda bu siyasətin formal davam etdirilməsi vəziyyəti mürəkkəbləşdirir, həmin ölkənin hakimiyyəti üçün ziyanlı nəticələr və təhlükələr ortaya çıxarır.

Azərbaycanın bəzi siyasətçilərinin və həvəskar politoloqlarının ölkəmizin dünya siyasətinə və regionda gedən proseslərə təsirini şişirdəndə mənim yadıma jurnalist dostumuz Azər Mürsəliyevin sözləri düşür. İndi Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin direktoru olan Azər hələ 20 il əvvəl bölgədə gedən siyasi çarpışmaları nəzərdə tutaraq deyirdi ki, Azərbaycan bilyard stolu altında gizlənmiş uşağa bənzəyir. Bu uşağın oyuna və onun nəticəsinə heç bir təsiri yoxdur, o yalnız stol üzərində zərbə ilə vurulan şarların vıyıltısını və hərəkət istiqamətini təxmin edə bilir. Bu 20 ildə geopolitika baxımından bölgədə demək olar ki, heç nə dəyişməyib, bilyard daşlarının da sayı artıb-əskilməyib. Sadəcə, indi həmin şarların hərəkəti xeyli sürətli olub və o səbəbdən də vıyıltısı daha gur eşidilir. Bizsə elə yenə öz yerimizdə, stolun altındayıq, amma bir az narahat və həyəcanlıyıq, çünki uşaq da olsaq, şarların getdiyi istiqaməti yaxşı duyuruq…



    04.05.2013




Şuşa, Berlin… və bayram duyğuları







Faşizm üzərində Qələbənin qeyd olunduğu 9 may günü məndə ta uşaqlıqdan xoş duyğular oyadıb. Səbəbi çoxdur: atam müharibədə vuruşub, Stalinqrad döyüşlərində iştirak edib, kontuziya alıb. İlk dəfə onun hərbi biletini əlimə alanda çox qürrələnmişəm. Doğulduğum kiçik bir kənddən altmışdan çox adam müharibəyə gedib, yarısı qayıtmayıb. Üç əmim də müharibə iştirakçısı olub, biri Yaponiya cəbhəsində vuruşub, ikisi Berlinə kimi gedib-çıxıb. Onlardan biri – sağ qalanı, 93 yaşlı Ərşad kişi hazırda Şirvan şəhərində yaşayır və hər ilin 9 may günündə orden-medallarını taxıb camaatın gur olduğu yerlərdə şəstlə gəzir. Kişinin buna tam haqqı var, çünki Dnepr uğrunda vuruşub, Polşanın azad olunmasında iştirak edib, kəşfiyyat qrupunun başçısı olub, dəfələrlə yaralanıb. Müharibədən sonra isə Berlində paytaxt rayonlarından birinin hərbi komendantı olub. İlin-günün xoş vaxtına düşən Qələbə bayramı bütün bunlara, həm də bəşəriyyət üçün qorxu və avtoritarizm püskürən faşizmin yerlə-yeksan edilməsinə görə məndə həmişə xoş ovqat yaradıb. Ta 1992-ci ilin mayına – Şuşanın işğalına kimi.


* * *

Əlbəttə, Şuşanın işğalının bu günlə birbaşa əlaqəsi yoxdur, amma taleyin istehzasıdır ki, məhz Qələbə günü ərəfəsində məmləkətin incisinin düşmən əlinə keçməsi duyğu, düşüncə və hisslərimizin çərçivəsini daraldıb. Bu tarix sevinməyi, gülməyi, ürək açıqlığı ilə şənlənməyi bizlərə haram edib. Şuşanın süqutu mənim üçün dünyanın ən qara xəbəri idi.

Azərbaycan tarixi və mədəniyyəti üçün Şuşanın nə demək olduğunu xırdalamağa gərək yoxdur, üstəlik, itiriləndə onun hansı dəyər daşıdığını yenidən və ayıq başla dərk etməyi də bir yana qoyuram. Şuşa həm də talelər şəhəri idi. Mənim də uşaqlığım və yeniyetməliyim bu şəhərdə keçib, orta məktəbi burada oxumuşam. Özümü az-çox burada dərk etmişəm, yaddaşımda bənzərsiz insanlar qalıb. Cıdır düzünü, Qırxpilləkəni, Qızılqayanı, Daşaltını, Zarıslı meşələrini qarış-qarış gəzmişəm. Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natavanın ev muzeylərini kiçik eksponatlarına qədər yaddaşıma köçürmüşəm. Hər il istirahətə gələn onlarca məşhur şəxsi şəhərin Lenin parkında və İsa bulağında görmüşəm. Şuşanın yaddaşımda ilişib qalmış unudulmaz mənzərələri indinin özündə də tez-tez yuxularıma gəlir.

Mayın 8-də televiziyada «Xəbərlər» in gecə buraxılışını mən aparırdım, Şuşadan həyəcanlı və bir-birinə zidd xəbərlər gəlirdi. Məmləkətdə hamı nəfəs çəkmədən bu dolaşıq xəbərləri izləyirdi. Efirə çıxmağa hazırlaşırdım, situasiyanı aydınlaşdıracaq heç bir məlumat yox idi, teletayp susurdu, telefonlar dillənmirdi, zənglərimizə hay verən tapılmırdı. AzTV-nin gecə vaxtlarında sükuta qərq olmuş xəbər studiyasında və növbətçi otağında sözün əsl mənasında keşik çəkdiyim anlarda hər telefon zəngi mənə bir göy gurultusu, hər məlumat bir ildırım çaxması kimi gəlirdi. Gecəyə doğru belə bir məlumat yayıldı ki, Şuşa ermənilərdən təmizlənib və vəziyyətə Azərbaycan ordusu nəzarət edir. Bu barədə yazılı məlumatı nazirliyin baş qərargah rəisi Şahin Musayev təsdiqləyirdi, AzərTAc da xəbəri bizə göndərmişdi. Mən uşaq kimi sevinirdim, proqramı yüksək əhvali-ruhiyyə ilə apardım, yəqin ki, həmin gecə çox adam rahat yatdı. Sən demə, nazirliyin yaydığı xəbər yalanmış…

Doğru məlumat ertəsi gün – mayın 9-da yayıldı. Və şəhərin süqutu xəbəri məni tok kimi vurdu, bədənimə dolan cərəyan bütün vücudumu gizildətdi. O gün bütün dünya mənə qaranlıq və mənasız bir şey kimi görünürdü. Bax onda 9 May Qələbə gününə aid xoş duyğuların da içimdə gilə-gilə əridiyini hiss etdim. Həqiqi Vətən sevgisinin və Şuşanın nə demək olduğunu anlayan bütün soydaşlarım kimi mənim də içimin göynərtisi keçmir.

Heç bilmirəm indi insanlar belə duyğuları yaşayır ya yox? Çünki dəyərlərin gilə-gilə əridiyi, həyatın məzmununun itdiyi, mahiyyətinin dəyişdiyi bu günlərdə insanların əksəriyyəti bir qarın çörək üçün yaşayır, maddiyyat önə keçib, mənəvi dünyamız daralıb, hər şey ani instinktlərə tabe etdirilib. Cismani ehtiyacların ödənməsi uğrunda gedən mübarizə fonunda tapdalanan mənəviyyatın hayqırtısını batırmaq, prosesləri rahat və ağrısız yaşamaq, özümüzü ovutmaq üçün isə sən demə, bizə çal-çağır, bayağı şoular və mənasını anlamadığımız bayramlar gərək imiş. Bu bayramların əksəriyyəti gecənin qaranlığını bir anlığa bəzəkli şüaları ilə işıqlandıran fişənglər kimi duyğularımıza heç bir iz salmadan keçib-gedir. Biz özümüz də hiss etmədən həmin işıqların keçici parıltısının içimizdə yaratdığı ani duyğuların əsirinə çevrilirik.


* * *

Əlbəttə, adına bayram deyilən istənilən kütləvi tədbirin mütləq bir ideologiyası olmalıdır. Məsələn, Azərbaycan Cümhuriyyəti dövründə maraqlı bir Bayraq bayramı təsis olunmuşdu. Həmin gün məktəblilər, Bakının mərkəzi küçələrini gəzir, əllərindəki kiçik üçrəngli bayrağı qarşılarına çıxanlara hədiyyə edirdilər. Cümhuriyyəti yaradanlar bu rəmzi bayraqlar vasitəsilə ürəklərə istiqlal damcıları çiləyirdilər. Bu bayram xalqın can atdığı azadlığın rəmzi, hər kəsi qürurlandıran müstəqilliyin zərif nişanəsi idi. Yəni fikir, məna və ideologiya istənilən bayramın ruhu sayılır. Ruhsuz adam canlı müqəvvadan başqa bir şey olmadığı kimi, düşünülmüş aydın ideologiyası, parlaq məzmunu olmayan bayramlar da həmin müqəvvaların görünməsi üçün adi vitrindən başqa bir şey deyildir.



    11.05.2013




M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı







Xalq hərəkatının başladığı ilk illərdə də çoxları haqlı olaraq onu Azərbaycanın azadlığı və istiqlalının rəmzi hesab edirdi. Təbii ki, o zaman bu qavrayışda bir az dəbə uymaq, bir az da impulsivlik var idi, çünki həmin dövrlərdə emosiya, hər halda, bir az üstün idi. Lakin son dövrlərdə müəyyən bir siyasi maariflənmə keçmiş cəmiyyətimizdə Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə, onun demokratik düşüncəni qidalandıran siyasi irsinə ciddi maraq yaranıb. Əlbəttə, bu prosesdə görkəmli şəxsiyyətin həyat-fəaliyyətinin, elmi-nəzəri irsinin dərindən araşdırılması, bizdə, Türkiyədə, Rusiyada və ABŞ-da haqqında ciddi elmi tədqiqatların aparılması, əsərlərinin nəşr edilib yayılmasının da xüsusi əhəmiyyəti olmuşdur. İstedadlı, vicdanlı və fədakar alimlərimizin səyləri hədər getməmişdir. Tanrının işıq vermədiyi və buna görə də missiyası yalnız Şərə xidmət etmək olan bəzi məmur-alimlərin tarixi saxtalaşdırmaq səylərinə baxmayaraq Azərbaycan cəmiyyətində M.Ə.Rəsulzadə şəxsiyyətinə maraq getdikcə artır.


* * *

Təəssüf ki, bu gün Azərbaycanın hakim dairələrində Rəsulzadə şəxsiyyətinə anlaşılmaz bir qısqanclıq göstərilir. Adı heç harda çəkilmir, xatırlanmır, nədənsə tez-tez «unudulur». Bəzi iqtidar qəzetlərində Cümhuriyyət və onun qurucularından bəhs edən yazılarda onun adı üçüncü və ya dördüncü sırada çəkilir, bəzən heç çəkilmir, fotosu isə, ümumiyyətlə, dərc olunmur. Hərdən onu Cümhuriyyətin digər qurucuları ilə üz-üzə qoymaq kimi qeyri-ciddi və vicdansız davranışa yol verilir. Həzərat, bütün bunlara baxmayaraq birmənalı şəkildə demək olar ki, XX əsrdə Azərbaycanın siyasi tarixində fəxr edib qürur duyacağı ən böyük şəxsiyyət M.Ə.Rəsulzadədir. Bu, şüar deyil, tarixi gerçəklikdən qaynaqlanan həqiqətdir. Azərbaycan siyasi təfəkkürünün ifadəçisi olan bu görkəmli siyasi mücahidin keşməkeşlərlə dolu fəaliyyəti, milli istiqlal uğrunda ardıcıl mübarizəsi, elmi, ədəbi-bədii və publisist irsinin təhlili, yazdıqları və bizlər üçün bir xəzinə olaraq qoyub getdiyi sanballı əsərləri bu nəticəyə gəlməyə əsas verir. Bu millət fədaisinin adını universitetlərdən silmək, şəklini göstərməmək, fotosu həkk olunmuş əsginası dəyişmək, abidəsini qadağan etmək olar, amma onun tarixi haqqlarını tapdamaq mümkünsüzdür. Tarixi şəxsiyyətlərin qiymətini, gec-tez tarix özü verir.

Tarixi şəxsiyyət bir kateqoriya kimi mürəkkəb siyasi proseslərdə üzə çıxır. Hər vəzifə kürsüsündə əyləşən, onun pillələri ilə üzüyuxarı dırmaşan, hökumət kabinetində əyləşən, çiyninə şahlıq quşu qonan hər adam şəxsiyyət deyildir. Şəxsiyyət o adamlar sayılır ki, onlar çətin durumlarda millətin və xalqın taleyini həll etmək, onun tarixi varlığını qoruyub saxlamaq yükünü çiyinlərinə götürürlər. Tarixin belə çətin anlarında siyasət səhnəsinə çıxaraq Vətənin azadlığı və xalqının rifahı üçün ömrünü şam kimi əridənlərin haqqını bir kimsə tapdalaya bilməz. Ona görə də M.Ə.Rəsulzadə kimi tarixi şəxsiyyəti hədəfə almaq, millət qarşısında onun xidmətlərini danmaq, ona sayğısız yanaşmaq yel dəyirmanı ilə vuruşmaq kimi bir şeydir.

Qoca tarix yalnız qlobal ideyaların daşıyıcılarını və həmin ideyaları məharətlə gerçəkləşdirib fakta çevirənləri öz yaddaşında saxlayır. Bu baxımdan M.Ə.Rəsulzadənin ən böyük tarixi xidməti Azərbaycanın istiqlalı, xalqımızın bütün nəsillərinin qürur duyduğu Azərbaycan Cümhuriyyətidir. Bu cümhuriyyət Rəsulzadənin şah əsəridir.

Təbii ki, müstəqillik ideyaları boş yerdən yaranmayıb. M.F.Axundovdan və H.B.Zərdabidən başlayan milli azadlıq ideyaları XX əsrin əvvəllərində Ə.B.Ağaoğlu, Ə.B.Hüseynzadə, Ü.Hacıbəyli kimi mütəfəkkirlərin əsərlərində yeni forma alıb. Ötən əsrin əvvəllərində Azərbaycan siyasi tarixinin taleyini əllərində tutan soydaşlarımız milli hərəkatın yüksəldiyi bir vaxtda İstiqlal hərəkatının qığılcımını alova çevirə bilmişdilər. Lakin bunlarla yanaşı onu deməliyik ki, bir çox siyasi xadimlərin şüurunda müstəqillik anlayışı, yalnız mədəni muxtariyyəti əhatə edirdi. Siyasi müstəqillik ideyasını ilk dəfə məhz M.Ə.Rəsulzadə gündəmə gətirmişdi. Hələ Rusiyadakı 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsindən, yəni mütləqiyyət rejiminin süqutundan sonrakı ilk həftələrdə onun milli istiqlaliyyəti gerçəkləşdirmək və müstəqil Azərbaycan Cümhuriyyəti yaratmaq fikrinə gəldiyini söyləmək olar. Bu dövrdən başlayaraq böyük ideoloq Cümhuriyyətin yaradılması üçün əlverişli tarixi fürsət axtarırdı. Belə bir tarixi möcüzə isə 1918-ci il mayın 26-da Qafqaz seyminin dağılması oldu. M.Ə.Rəsulzadə həmin mürəkkəb, fəlakətli, qanlı-qadalı, ölüm-dirim savaşlarının getdiyi bir dövrdə xalqın başı üzərində dayandı, onu nəinki fiziki cəhətdən məhv edilmək təhlükəsindən qurtardı, həmçinin Azərbaycanın milli dövlət quruluşunun dirçəldilməsinə nail oldu. Cümhuriyyətin ilk addımlarının müəyyən edilməsində, Türkiyə Qafqaz İslam ordusunun Azərbaycana gətirilməsində, Bakının işğaldan azad olunmasında da M.Ə.Rəsulzadənin siyasi-diplomatik fəaliyyəti həlledici rol oynadı.

M.Ə.Rəsulzadə istiqlalın «bir qrup xəyalpərəstin fantaziyası deyil, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyac» (H.Baykara) olduğunu sübut edərək müstəqil Azərbaycan dövlətinin parlamentli, çoxpartiyalı respublika dövlət formasının seçilməsinə nail oldu. Bu, Şərqdə ilk belə hakimiyyət forması idi. O vaxt mütləqiyyət rejimlərinin əhatəsində yaşayan, siyasi mədəniyyət meydanında ilk addımlarını atan, uzun əsrlər boyu öz dövlət müstəqilliyini itirmiş bir xalqın parlamentli respublika formasını seçməsinin ciddi tarixi əhəmiyyəti vardı. Əlbəttə, avtoritar düşüncə sahibi olsaydı, M.Ə.Rəsulzadə özü yeni ölkənin prezidenti seçilə bilərdi, çünki Cümhuriyyətin yaradıcısı kimi hamı onu qəbul edirdi. Amma onun idealı vəzifə deyildi. O, demokratik idarəçiliyin tərəfində idi. Bu səbəbdən də onu prezident kimi görmək istəyənlərə «biz min illərdir padşahların, sultanların, diktatorların əsarəti altında yaşadığımızdan diktaturaya meyilliyimiz var. Yəni kimi prezident qoysan, özünü sultan kimi aparacaq. Ona görə də «parlamentli respublika daha yaxşıdır» cavabını vermişdi. Sadəcə, parlamentdə Müsavat fraksiyasının rəhbəri kimi qalmağa üstünlük vermişdi.

M.Ə.Rəsulzadə Cümhuriyyətin yaradılmasını hansı şövqlə qarşılamışdısa, onun devrilməsini də bir o qədər dərin ağrı ilə qəbul etmişdi. Parlamentin son iclasının stenoqramı bir şeyi çox aydın göstərir ki, iclasda çıxış edənlərin içərisində yalnız Məhəmməd Əmin Azərbaycan istiqlalının taleyindən söz açır. Başqaları bir çox məsələləri ehtiyatla söyləyir, yəqin ki, sonrakı talelərini düşünərək danışırlar. Lakin yeganə şəxsiyyətdir ki, M.Ə.Rəsulzadə Rusiya ordusunun gəlişini Azərbaycan istiqlalını əlindən alacaq qüvvə kimi səciyyələndirir. O belə düşünürdü ki, millətin istiqlalı əlindən gedirsə, kimin sağ qalıb-qalmamağının o qədər də əhəmiyyəti yoxdur. Görünür, tale Rəsulzadəyə həmin qanlı-qadalı günlərdə sağ qalmaq qisməti yazmışdı. O, həbs olunsa da, İ.V.Stalinin sayəsində şərti azadlığa çıxa bildi. Aparıldığı Moskvada uzun müddət qala bilmədi və azad Avropaya üz tutdu.


* * *

Əlbəttə, Cümhuriyyətin mövcud olduğu 23 ayda çox tarixi işlər görüldü, ən başlıcası yüz minlərlə insanın şüuruna istiqlal toxumu səpildi. Bu səbəbdən də xalqımızın ictimai-milli düşüncəsində müstəqilliyin əbədi izi qaldı. M.Ə.Rəsulzadə ömrünün son anına qədər bu istiqlal və müstəqillik düşüncəsinin daşıyıcısına çevrildi. Təkcə Türkiyədə deyil, Polşada, Macarıstanda, Rumıniyada, Almaniyada, Fransada yaşadığı illərdə öz idealına sadiq qaldı, əsərlərində, nəşr etdirdiyi bütün qəzet və jurnallarda Azərbaycanın müstəqilliyi ideyasını öndə saxladı. Gözlərini bu dünyaya yumarkən də son sözü «Azərbaycan» oldu…

İstiqlalın mübarək, Azərbaycan!



    25.05.2013




Millət sizə minnətdardır…







«Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik…»

    Fətəli Xan Xoyski

Cümhuriyyətin baş naziri F.X.Xoyski bu sözləri 1918-ci il dekabrın 7-də Bakıda parlamentin ilk iclasının açılışında heyrət və qürur bildirən bir intonasiya ilə demişdi. Millətin hüququ, istiqlalı və xeyri ilə bir arada olan milli hökumətin başçısı «bu günü yuxumuzda da görə bilməzdik» deyirdi. Bundan iki ay əvvəl isə F.X.Xoyskinin daha bir sözü tarixin yaddaşına yazılmışdı. Baş nazir 1918-ci il sentyabrın 15-də Bakının düşmənlərdən azad edilməsi münasibətilə Nuru paşaya göndərdiyi təbrik teleqramını bu sözlərlə bitirmişdi: «Millət sizə minnətdardır!». Dünən bu sözlər xilaskar Nuru paşaya ünvanlanırdı, bu günsə xalq məhəbbətlə həmin müqəddəs kəlmələri, həm də heçdən bir dövlət yaratmaqla şanlı tarix yazmış, millətin başını uca etmiş Cümhuriyyət qurucuları üçün səsləndirir.

Bu gün minnətdarlıq duyğusu ilə xatırladığımız babalarımız müsəlman Şərqində ilk parlamentli respublika quraraq hamımıza demokratik cümhuriyyətin vətəndaşları olmaq qürurunu yaşatdılar. Qısa müddətdə ordu yaratdılar, sərhədlərimizi müəyyənləşdirdilər, iqtisadi islahatlar apardılar, qadınlara seçki hüququ verdilər, respublikanı dünyada tanıtdılar. Millətə azadlıq dadızdıran AC qurucuları Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdilər, onun Avropa ilə bütünləşməsinin zəruriliyini ortaya qoydular, ciddi demokratik addımlar atdılar, ədalətli idarəetmə sistemi yaratdılar. Bütün bunlara görə millət onlara minnətdardır!


* * *

Bu həftə, şəksiz ki, Cümhuriyyət həftəsi oldu. Həm də bu şanlı gün əvvəlki illərə nisbətən sanki bir az təmtəraqlı keçdi. Görünür, AC-nin 95 illiyi və Ə.Topçubaşovun 150 illiyinin qeyd olunması haqqında rəsmi sərəncamlar müəyyən rol oynamışdı. Amma məncə, həlledici səfərbərlik işini yenə də sosial şəbəkələr gördü. TV-lərdə bu mövzuda verilişlərin dişsizliyinə, küçələrdə isə bayraqların azlığına baxmayaraq virtual şəbəkələr bayrama xüsusi canlanma gətirdi. Hətta hökumətyönlü internet televiziyalarından biri Cümhuriyyətin elan olunduğu Tiflisin Canişin sarayından maraqlı bir reportaj yayımladı. Reportyor böyük bir sevgi ilə Milli Şura qurucularının ruhlarının dolaşdığı «Büllur» salonun mistik sükutundakı müqəddəs duyğuları bizlərə də yaşatdı. Qəzet-kitab oxumayan, o səbəbdən də ətrafda baş verənlərə laqeyd qalan çoxluğu isə axşam saatlarında Milli parkdakı atəşfəşanlıq səsləri ayılda bildi. Ən aşağısı onlar «görəsən, bu gün nə günüdür?» sualını verməyə ərinmədilər.

Hər halda, məmləkətin düşünə bilən insanları, qəlbində və ruhunda bir Cümhuriyyət sevgisi yaşadanların son illərin biganəliyi ilə müqayisədə builki bayram ab-havasından ciddi şikayətləri olmamalıdır. Məncə, bu tarixi gün iki parlaq epizodla yadda qaldı: M.Ə.Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsinin ziyarəti, orada yaşanan duyğulu məqamlar və haqqında çoxdan danışılan Milli Şuranın yaradılması.


* * *

Bu il Gəncə sakinləri M.Ə.Rəsulzadənin Cümhuriyyətin ilk paytaxtındakı büstünü ziyarət edə bilmədilər. Səbəbini hamı bilsə də, adamın yazmağa əli gəlmir. Əvəzində çoxları üçün artıq müqəddəs yer sayılan Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə xeyli təntənəli mərasim keçirildi. Səhər tezdən ürəklərində Rəsulzadə odu daşıyan yüzlərlə insan dəstə-dəstə abidə önünə axışırdı. Üz-gözlərindən sevinc yağan bu adamlar öz qəlblərinin hökmü ilə əllərində al bayraqlar abidəyə doğru addımlayırdılar. Qəsəbə sakinlərinin bu mənzərəni köks dolduran bir qürurla seyr etmələri nəzərdən yayınmırdı. Gənclərin, yaşlıların, xanımların üzündə heç vaxt olmayan bir sevgi və ümid şölələnirdi. «Yoxdan bir bayraq ucaldanların» da nigaran ruhu, sanki bu anlarda şadlanırdı. «Rəsulzadə!», «İstiqlal!», «Yaşasın müstəqil Azərbaycan!» hayqırtısı az qala bütün qəsəbəni titrədirdi.

Mənim üçün bu hayqırtıların sədası altında sevinən uşaqların reaksiyası çox maraqlı idi. Abidəyə gedən yolda həyətlərdən və pəncərələrdən üçrəngli bayraqlar yellədilirdi. Yol kənarına düzülmüş kənd sakinləri Bakıdan gələnləri məhəbbət dolu nəzərlərlə süzür, tanıdıqları adamlarla hal-əhval tuturdular. Birmərtəbəli evlərin geniş pəncərəsindən kiçik bayraqları və şən çığırtıları ilə yoldan keçənləri şövqlə salamlayan məktəbyaşlı uşaqların sevincini gözlə görmək gərək idi. Oğlanlı-qızlı 4-5 uşaq bir-birinə aman vermədən «Yaşasın Azərbaycan!» deyərək sevinə-sevinə qışqırır, bayraqları yellədir, sanki parad qəbul edirlərmiş kimi cürbəcür şüarlar deyir, yaratdıqları qeyri-adi mənzərə ilə yoldan ötənləri duyğulandırırdılar. Onların şaqraq səsləri əraziyə nəzarət edən və artıq günün istisində hərəkət etməyə həvəsli görünməyən ərincək polislərin də diqqətini cəlb etmişdi. Açıq-aşkar görünürdü ki, uşaqların kəsilmək bilməyən səsləri və yol keçən adamların onları xüsusi duyğusallıqla salamlamaları polislərin çoxunu əməlli-başlı qıcıqlandırır. Heç bilmədim ki, polislər həmin gün niyə belə qəzəbli idilər, üz-gözlərindən zəhrimar yağırdı. Deyəsən, təkcə abidəyə tərəf üz tutan böyüklərin deyil, yol kənarında suvağı təzə vurulmuş, görkəmindən kasıblıq yağan evin pəncərəsindən adamları aramsız alqışlayan uşaqların sevinci də onları hövsələdən çıxarırdı. Ona görə də polis zabitlərindən biri oğrun-oğrun pəncərəyə yaxınlaşıb uşaqlardan sakitləşməyi və əllərindəki bayraqcıqları yığışdırmağı tələb etdi. İçəridən səslənən sadəlövh sual ətrafa yayılırdı. – Noolub ey, bayramdı də, bəyəm sevinmək olmaz? – bunu uşaqlar incik səslə soruşurdu. – Pəncərəni bağlayın, xarabanızda səssiz sevinin! – bunu da polis əmi hirslə deyirdi.

Bu «incə» dialoq ətrafdan keçənlərin diqqətindən yayınmadı, onların iradına polis «Bunlar indidən asayişi pozurlar» cavabını verdi və camaatın gülüşündən üzü bir az da bozardı. Amma görünür, uşaqlar belə tezliklə təslim olmaq niyyətində deyildilər. Onlar bir anlığa sakitləşsələr də, qəzəbli «polis əmi» gedən kimi yenə pəncərələri taybatay açdılar. Yenə də bəhsə-bəhsə girərək üçrəngli bayraqları yellətdilər, yenə də onların şıltaq və ruhoxşayan səsləri ətrafa yayılaraq küçədən keçənlərin təbəssümündə əks-səda verməyə başladı. Qəzəbli polis zabiti yenə evə tərəf üz tutdu, amma sonra nəsə fikirləşərək geri qayıtdı. Onun həmin anda nə fikirləşdiyini demək çətin idi, amma bir şey aşkarca görünürdü ki, «asayişi pozan» uşaqların bu qəribə inadı ətrafdakılara yaman ləzzət eləmişdi…


* * *

Azərbaycan Cümhuriyyətini vəsf edən yüzlərlə şeir yazılıb. Onların bədii səviyyəsi, təsir gücü, poetik vüsəti eyni deyildir. Amma bu poeziya nümunələrinin hamısında tarixə, milli ideyaya bir sevgi, bir istiqlal havası və sabaha bir ümid var. Həmin fikirlər aşağıdakı şeirdə də sanki qanad açaraq göylərə pərvazlanır:

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan,
Bu əkindən yarınki bir baharda
Əlbət, bitər bir yeni Azərbaycan!

Bu misralar Azərbaycan Cümhuriyyətinin ideoloqu və banisi, qürbət ellərdə son nəfəsinədək canını millət yolunda fəda etmiş Məhəmməd Əmin Rəsulzadənin 1955-ci ilin martında, ömrünün son günlərində yazdığı «Mayıs duyğuları» şeirindəndir. O, Cümhuriyyət yolunda min əzaba qatlaşdı, ömrünü bu yolda əritdi, bu müqəddəs amal naminə bütün nəsli heçliyə uğradı. Türkiyədə və Avropanın müxtəlif ölkələrində məhrumiyyətlərlə dolu ömür sürdü, bir qarnı ac-bir qarnı tox, yarızirzəmilərdə gecələdi, siçan-siçovullar oynayan «evlərdə» yaşadı. Amma sınmadı, yolundan dönmədi, azad Azərbaycan davasından, könül verdiyi Cümhuriyyət sevdasından əl çəkmədi.

Azərbaycan istiqlalının memarı əmin idi ki, bir gün gələcək, milli fikir toxumları mütləq yenidən cücərərək pöhrə verəcək, xalq yenidən öz müstəqilliyinə qovuşacaq. O, II Dünya müharibəsindən sonra SSRİ-nin dağılacağını və bu prosesin imperiyanın ən zəif nöqtəsi olan Qafqazdan başlayacağını qəti əminliklə söyləyirdi. Tarix onun sözlərinin doğruluğunu bir daha sübut etdi, Azərbaycan XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edə bildi.


* * *

Respublika gününün xoş ovqatına gecə saatlarında daha bir rəng qatıldı. Toplardan atılan rəngli fişənglərin havada rəngbərəng qövs cızdığı anlarda xəbər saytlarında da gözlənilən bir xəbər fişəng kimi işıq saçdı. Həmin saatlarda demokratik qüvvələrin Milli Şurasının yaradıldığı bəyan edildi. Bu təkcə maraqlı yox, həm də gələn həftədən Azərbaycanın ictimai-siyasi həyatının gündəmini dəyişəcək ciddi bir xəbər oldu. Milli Şura ideyasının müəllifi dünya şöhrətli yazıçı-ssenarist Rüstəm İbrahimbəyovdur. Belə demək mümkündürsə, onun siyasi rejissurasının proloqu baş tutdu. İndi qarşıda məmləkətin demokratikləşməsi ssenarisinin gerçəkləşdirilməsinin həlledici epizodlarının çəkilişləri gəlir. Bu çəkilişlərdə kütləvi səhnələr önəmli yer tutacaq…



    01.06.2013




Şairlərin günahı nə?







Qalib gələcəkmi cahanda kamal?

    S.Vurğun

1952-ci ilin yazı idi. Opera və Balet Teatrında Azərbaycan yazıçılarının 19-cu qurultayı keçirilirdi. Rəyasət heyətində salonu iti və qəzəbli baxışları ilə süzən respublika rəhbəri Mircəfər Bağırov əyləşmişdi. Tribunada isə xalq şairi Səməd Vurğun danışırdı. O, Azərbaycan poeziyasında mövzu axtarışlarından və özünün yeni şeirlərində bu məsələyə necə yanaşmasından bəhs edirdi. Söhbətin bəlli bir yerində 1-ci katib qaşlarını çatıb qəzəblə şairin sözünü kəsdi:

– Sən şairlərə dərs deməklə yox, şeirlərinlə onlara nümunə olmalısan, ona görə də ləngimədən kommunizmin əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan!

– Oldu, yoldaş Bağırov! – deyə böyük şair soyuqqanlılıqla dilləndi və bir az əvvəl Bağırovun fitnəsi ilə məhv edilmiş filosof Heydər Hüseynovun siması ani olaraq gözlərinin önündən gəlib-keçdi.


* * *

S.Vurğun birinci dəfə deyildi ki, hədələnirdi, məmləkətin hər şeyə qadir olan qəzəbli rəhbəri ona barmaq silkələyirdi. Şair üçün bu hədə-qorxular hələ 30-cu illərin əvvəllərindən başlamışdı. Şeirləri yayıldıqca, kitabları çıxdıqca, şöhrəti artdıqca, onu sevənlərin sayı çoxaldıqca istedad və şəxsiyyətinə paxıllıq edənlərin, hər addımda gənc şairi «vraq naroda» kimi qələmə verməyə çalışanların da sayı-hesabı artırdı. Tez-tez NKVD-də sorğu-suala çəkilirdi.

Sonra 37-ci il yaxınlaşır və ilin əvvəlindən Azərbaycan ədəbi mühitində repressiya hərarəti yüksək həddə çatır. Yazıçılar İttifaqının həmin il yanvarın 28-də keçirilmiş iclasının stenoqramını oxuyanda adam lərzəyə düşür, nə qədər kəskin siyasi fon var, sanki yazıçılar yox, qatı siyasətçilər danışır. Onlar hər dəqiqəbaşı «antisovet trotskiçi, ziyançı, diversiyaçı, casus» kimi ifadələr işlədərək sovet sisteminə sevgilərini bildirir, «Stalinin adı ilə nəfəs alır, Stalin epoxası ilə qidalanırız. Biz Stalinizmi canımızdan artıq seviriz, ona qarşı qalxan xain, murdar və çirkin əllərin kəsilməsini, onun həyatına terror hazırlayan zəhərli ilanların başının kəsilməsini tələb ediriz», – deyirdilər.

1937-ci ilin martında Yazıçılar İttifaqının xüsusi plenumunda ölkənin qələm əhli bir daha Stalinə və sovet rejiminə dərin məhəbbətlərini izhar edirlər. Xüsusən «Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən» və buna görə də plenumda əsas tənqid və müzakirə hədəfi seçilmiş H.Cavid, M.Müşfiq, Ə.Cavad və Y.Vəzir də çıxış edərək yeni həyat mövzusuna diqqət yetirəcəklərini deyirlər. Lakin bu «səmimiyyət» onları xilas etmir. Plenumdan keçən iki ay ərzində yazıçılara qarşı repressiya dalğası güclənir, daha kütləvi ifşa aksiyaları üçün məqam gözlənilir. Belə bir məqam Azərbaycan K(b)P 13-cü qurultayında reallaşır.

İyunun 3-də M.F.Axundov adına Opera və Balet Teatrının binasında işinə başlayan həmin qurultayda M.C.Bağırov keçmiş silahdaşları S.M.Əfəndiyev, H.Sultanov və başqalarını «əksinqilabçı» elan edir. O, Yazıçılar İttifaqını da yaddan çıxarmır. Artıq həbs olunmuş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniçin ünvanına təhqirlər yağdırır. Həmin günlərdə «Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı tör-töküntüdən təmizləyin!» hökmü dəbdə idi.

Qurultaydan beş gün sonra «Pravda» qəzetində (8 iyun, 1937) dərc edilmiş və bütünlüklə Azərbaycan Yazıçılar İttifaqına həsr olunmuş «Düşmənin hiylələri» adlı baş məqalədən sonra yazıçılar arasında daha geniş «ifşa» kampaniyasına təkan verilir. Ölkənin bir nömrəli ideoloji qəzetinin Yazıçılar İttifaqında düşmən axtarışına məqalə həsr etməsi yüksək səviyyədən komanda verildiyinə işarə idi. Həmin məqalə bunun MK-dan verilməsini göstərirdi. Məqalə «trotskiçi və müsavatçı Ruhulla Axundovu» (?) ifşa etdikdən sonra S.Vurğunu da hədəfə götürür, onun «Bakı olimpində» birinciliyi əldən vermək qorxusu altında olduğu bildirilirdi. Məqalədən bir neçə gün sonra yazıçıların yığıncağında ittifaqın rəhbərlərinin işləri qənaətbəxş hesab edilməmişdi. S.Vurğun isə «sinfi sayıqlığını itirməsi», «siyasi korluğu», «çürük liberalizmi» sayəsində «xalq düşmənlərini, yapon-alman faşist agentlərini, trotskisist, nasional-uklonist, müsavatçı, pantürkist ünsürləri himayə etdiyinə görə» ittiham olunmuşdu. Onun boynuna qoyub tövsiyə edirdilər ki, ictimai cəhətdən məqbul sayılmayan millətçilərlə əlaqələrini birdəfəlik kəssin.

Əcəl qılıncı daim S.Vurğunun başı üzərində yellənib. Respublika rəhbəri də onu 37-ci ilin repressiya dalğasında boğmağa çalışıb. Ona görə də M.C.Bağırovun şəxsi ərizəsinə əsasən, onun «məsələsi» SSRİ Yazıçılar İttifaqında da müzakirə (1937, 26 noyabr) edilir. Müzakirə aparılır və iştirakçılar şairin İttifaqın üzvlüyündə qalmasında israrlı olurlar. İclasda S.Vurğunun keçmişi təftiş edilsə də, «Rus poeziyası antologiyası»nın tərcüməçilərindən biri olması və Lenin ordeni alması qanının arasına girir. Təbii ki, şairin şəxsi keyfiyyətləri və Moskva yazıçıları ilə səmimi münasibətləri də onun müdafiə olunmasına gətirib çıxarır.

Belə nikbin sonluğa baxmayaraq repressiya olunmaq təhlükəsi S.Vurğunu bütün ömrü boyu təqib etmişdir. M.C.Bağırovun məhkəməsi zamanı məlum olmuşdur ki, 1941-ci ildə daxili işlər naziri M.C.Bağırova göndərdiyi məktubda S.Vurğunun hələ ifşa edilməmiş, salamat qalmış «kontrrazvedkanın» üzvü olduğunu xəbər verirdi. Bax indi soruşmaq istəyirəm ki, bütün ömrünü belə səksəkələrdə yaşamış S.Vurğun nədən yazmalıydı, hökumətin siyasətinə qarşı necə çıxmalı idi? Müsavat hökumətini, Cümhuriyyəti vəsf etməli idi, yoxsa Avropada müstəqil Azərbaycan davası aparan, Stalinin ideoloji düşməni olan M.Ə.Rəsulzadəni birbaşa milli lider adlandırmalıydı?


* * *

Güman etmirəm ki, yaxın dövrlərə qədər siyasi bioqrafiyasında sıxıntılarla üzləşmiş Sərdar Cəlaloğlu bütün bunları bilməsin, hər halda, mütaliəsi olan adamdır. Bilirsə, bəs onda hansı əsaslara görə xalqın böyük əksəriyyətinin qəlbində bir mənəvi-poetik abidə ucaltmış S.Vurğun haqqında belə hədyanlar danışır, hörmətsiz ifadələr işlədir.

S.Cəlaloğlu ilə köhnədən «salam-əleykümümüz» var, hələ 10-15 il əvvəl siyasət və demokratiya haqqında ayaqüstü söhbətlər edərdik. Ziddiyyətlərlə dolu siyasi fəaliyyətini davamlı izləməsəm də, həbsxanadakı əzablarından və istintaq təcridxanalarındakı layiqli davranışından xəbərdaram. Bu gün isə ictimai səhnədə oynadığı roldan çox məyusam. Demokratik düşərgənin xeyli zəif, cəmiyyətin isə ümidsiz olduğu vaxtlarda hədəfləri dəqiq nişan alan bir adamın bu gün boş patronlarla, həm də hara gəldi atəş açmasını anlamağa çətinlik çəkirəm. Əlbəttə, siyasi savaşlarda müəyyən hədəfləri nə zaman vurmağın vacibliyi və döyüş koordinatlarının hansısa qərargahdan verilməsi təbiidir. Amma mənsub olduğu xalqın əsrlər boyu formalaşdırdığı dəyərlərə qərəzli hücumu bu davanın predmetinə çevirmək, deyəsən, yeni texnologiyadır.

Əslində, milli şüurda dəyərə çevrilmiş tarixi şəxsiyyətlərə, xüsusən ədəbi və siyasi simalara hücum yeni məsələ deyil. Neçə illərdir ki, Azərbaycan ictimai mühitində dərisi bir qəpiyə dəyməyənlər Mirzə Cəlil, M.Ə.Sabir, Səməd Vurğun, Rəsul Rza kimi qüdrətli qələm sahiblərini, M.Ə.Rəsulzadə, N.Nərimanov kimi geniş siyasi düşüncə üfüqünə sahib dövlət xadimlərini «yıxıb-sürüyür», onlara böhtanlar atır, təhqir etməkdən belə çəkinmirlər.

Bəli, tarixdə heç kim toxunulmaz deyil, hər kəsin fəaliyyəti təhlil və araşdırma üçün açıqdır, o səbəbdən də adları çəkilən şəxsiyyətlər haqqında tənqidi ruhda və qərəzsiz yazan müəllifləri biz buraya aid etmirik. Söhbət tarix və şəxsiyyət probleminə bacadan baxanlardan, ucuz sensasiya xatirinə hay-küy salanlardan, ədəbi mühiti və tarixi prosesləri lazımınca dərk etməyənlərdən, təbii ki, bu məsələlərdə hansısa şəxsi mənfəət güdərək ağa qara deyənlərdən gedir. Nə etməli, dostumuz S.Cəlaloğlu da Səməd Vurğunla bağlı məhz bu mövqedən çıxış edənlər siyahısındadır və onun milli Herostrat rolunda çıxış etməsi təəssüf doğurur.

Əlbəttə, böyük şairi tarixi həqiqətləri təhrifdə günahlandırması əsla S.Cəlaloğlunun şah Qacara və ya M.Ə.Rəsulzadəyə sevgisi ilə bağlı deyildir. Xüsusən onun ikinciyə məhəbbətinin işartıları belə görünmür. Digər tərəfdən biz bədii əsərlə gerçək olmuşlar arasında oxşarlıq paralelləri aparsaq, gərək onda tarixi mövzuda yazılmış əsərlərin 70-80 faizinin müəllifini güllə qabağına qoyaq. Yazıçı üçün tarixi hadisə və şəxsiyyət bədii obrazdır, qüdrətli qələm sahibləri bu obrazları bədii həqiqətə çevirməklə yadda qalan əsərlər yaradırlar. Şekspir də, Hüqo da, Tolstoy da, Cavid və Səməd Vurğun da bu yolla getmişlər.

Bədii yaradıcılıqda bir incə məqam da hər hansı tarixi əsərin yazıldığı dövr, siyasi şərait və mühitlə bağlıdır. Biz sənətkar haqqında mülahizə yürüdərkən bədii əsərin yarandığı tarixi şəraitin şərtlərini və tələblərini mütləq göz önünə gətirməliyik. «Tarixilik hissi» deyilən bu anlayışı nəzərə almadan kimisə ittiham etmək ədalətsizlikdir. Bu gün millətin işıqlı adamlarına, dəyərli ziyalılarına qənim kəsilmiş hansısa korrupsioner məmuru tərifləmək də, tarixin ağır vaxtlarında iti qılınc üzərində yeriyə-yeriyə əsər yazmış və bununla da mənsub olduğu xalqın dilinin və bədii təfəkkürünün inkişafına misilsiz töhfələr vermiş bir sənətkarı ittiham etmək də olar. Amma ittihamlar bolşevik-matros təfəkküründən qaynaqlanmamalıdır. S.Cəlaloğlu S.Vurğuna münasibətdə məhz bolşevizm prinsiplərindən çıxış edir. Halbuki dünyanın ən böyük bolşeviki V.İ.Lenin hələ Oktyabr inqilabından 3-4 il əvvəl İ.Armanda yazdığı məktubda tarixi şəxsiyyət və proseslərə obyektiv yanaşmağın vacibliyindən danışırdı. Göstərirdi ki, hər bir müddəa: f) tarixən; i) tarixin konkret təcrübəsinə əsasən; s) başqaları ilə müqayisədə götürülməlidir. İnsafən, ədalətli yanaşmadır və bolşevik təfəkkürünün daşıyıcılarının gələcək bəyanatlarında nəzərə alınması, hər halda, faydalı olardı.


* * *

Əlbəttə, S.Vurğunun ideoloji xətdən kənara çıxdığı vaxtlar olurdu, amma «çekist ruhlu» sovet senzorları onun qarşısını məharətlə alırdı. Araşdırmaçı A.Salmanov bununla bağlı şairin «Aslan və Mahniyar» poemasının avtoqrafından çıxarılmış aşağıdakı nümunəni gətirir:

«O gündən titrədi yurdun üstündə,
Cütbaşlı qartalın qanlı bayrağı.
Tarixin doğduğu o qara gündə,
Böyük bir ölkənin söndü çırağı».

– misraları ilə başlayan və Rusiyanın Azərbaycanı işğalının mahiyyətini açan böyük bir parça (60 misra) nəşrdə ixtisar edilmişdir. Şair əsərin sonrakı hissəsində deyir:

«Üç yüz il ayrıldıq ana dilindən,
Məktəbin adına dedik «uşkola».
…Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onları ilk dəmir yolu.
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlarla azərin oğlu».

Görünür, sovet dövründə də davam edən işğalçılıq siyasətinin (ruslaşdırma, ölkə sərvətlərinin talanması və s.) qabardılması senzorların diqqətindən yayınmamış, nəticədə parça ixtisar edilmişdir.


* * *

Bütün hücumlara, böhtan və qarayaxmalara baxmayaraq S.Vurğun bizim şüurumuzda qüdrətli milli şair olaraq qalır. Azərbaycan onun yaradıcılığının əsas, ana xəttini təşkil edir, əsərlərinin baş mövzusu və baş qəhrəmanı Azərbaycandır. İndi az qala hamının əzbər bildiyi «Azərbaycan» şeirindən sonra azərbaycanlılar üçün bu məmləkət əbədi olaraq ANA VƏTƏNDİR. Onun poeziyası əlvan rənglərə bürünmüş bir Azərbaycan mənzərəsidir. S.Vurğun həm yaddaşlarda iz salmış parlaq şəxsiyyəti, bir az da mistikləşmiş həyatı, həm də şeirlərindən bulaq suyu kimi süzülüb gələn büllur təbi, xalq təfəkkürünə söykənən hikməti və poetik vüsəti ilə XX əsr ədəbiyyatımızın sönməz işığıdır. Bu işıq zaman-zaman kimlərinsə gözünü qamaşdıra bilər. Amma əsas odur ki, S.Vurğun poeziyasının ülviliyini, ab-havasının duruluğunu hiss edəsən, çünki bu poeziya başdan-ayağa Azərbaycan adlı bir ölkənin mənəvi məkanı, onun döyünən ürəyi və ölməz ruhudur.



    08.06.2013




Dilimizi didən dərdlər


Bir xalqın ana dili onun milli varlığının və mənəvi aləminin ifadəsidir.

    Mirzə İbrahimov

TQDK-nın orta məktəblərin buraxılış imtahanları ilə bağlı elan etdiyi nəticələr çoxları kimi məni də heyrətləndirdi. Necə ola bilər ki, şagirdlər Azərbaycan dili fənnindən kütləvi şəkildə kəsilsin. İmtahandan 5-10 nəfər keçməsəydi, bunu anlamaq olardı. Amma təsəvvür edin, şagirdlərin təxminən 30 faizi ana-dili imtahanından keçə bilməyib. Bu, 3-4 şagirddən birinin axsaması deməkdir. Deməli, nəsə yerində deyil!


* * *

Məncə, Azərbaycan dili, onun tədrisi, ədəbi dilin çağdaş durumu, mətbuatda, teleradio verilişlərindəki dil nöqsanları ilə bağlı şikayətlərin əsasında bu dili yaxşı öyrənmək hünəri, bir də dil sevgisi çatışmır.

Dil təkcə mədəniyyətin bünövrəsində dayanmır, həm də hər bir fərdin düşüncəsində, millətin, dövlətin təməlində durur. Biz duyğu və düşüncələrimizi bu dildə ifadə edirik. Bu sadə həqiqəti dərk etmək çox vacibdir. Tarixən müxtəlif dillərin (ərəb, fars, monqol, rus və s.) təsirinə məruz qalmış Azərbaycan dili xalqın sevgisindən, özünü məhz bu dildə ifadə etmək istəyindən qaynaqlanaraq cilalanıb və bu günə gəlib çatıb. Ona görə də ana dilimiz kiçilmədən, kirəcləşmədən, energetik potensialına güvənərək daim inkişaf edib, təkcə yazıçı və şairlərin çörək ağacına yox, həm də xalqı yaşadan vasitəyə çevrilib.

Doğrudur, zaman-zaman bu dil basqılara da məruz qalıb, xüsusən sovet dövründə rus dili ilə müqayisədə kölgələrdə sürünməli olub. Bu dilin daşıyıcıları rus dilini daha çevik, daha mobil, həm də məna tutumuna görə daha konkret, sərrast və adekvat görüblər. Şöhrətə və mənsəbə çatmağın qısa yolu kimi də rus dili çoxları üçün cazibədar (və əlverişli) olub. Bu baxımdan müstəqillik dövrü Azərbaycan dilinin qarşısında çox böyük imkanlar açıb. Onun geniş işlənməsi bu dövrdə qazandığımız ən böyük dəyərdir. Bu dil düşüncəmizin ifadəçisi və tariximizin lokomotivi kimi yenə də sabaha yön alıb.

Əlbəttə, dildə gedən inkişaf prosesi danılmazdır, amma dilimizin dərdləri də az deyil. Hansıdır bu dərdlər? Elmi baxımdan çox şeylər sadalamaq olar. Dil qaydaları, leksika, qrammatika, xüsusən ortada düzəməlli orfoepiya lüğətinin olmaması və s. Fəqət, bütün bunların içərisində ən böyük çatışmazlıq cəmiyyətdə səmimi dil sevgisinin yoxluğudur. Kağız üzərində hər şey əladır, dilin işlənməsi, əlifba, ədəbi dil və s. haqqında qanun və sərəncamlar var. Xüsusən, dilimizin sabahı üçün narahatlığı ifadə edən «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında» prezident sərəncamı vacib sənəddir. Həmin sənəd bir tərəfdən, elmi-ədəbi müzakirələr, siyasi-kulturoloji diskussiyalar üçün geniş meydan açır, digər tərəfdən də ana dili barəsində xeyli açıq-aydın fikirlər yürütməyə imkan verir. Amma burası da var ki, heç bir sənəd insanın içində dil sevgisi yaratmaq və ya onu qığılcımlandırmaq gücündə deyil. Çünki dil sevgisi ana bətnindən, ailə mühitindən başlayır. Bu sevginin yoxluğuna bəzilərinin dil yoxsulluğu duyğusu yaradan «Azərbaycan dili naqisdir», yaxud «dilin ağıl qıtlığı» kimi tezislərlə bəraət qazandıra bilmərik. Əvvəla, bu yoxsulluq və naqislik duyğusunu dil, onun leksikası törətmir, adi, ağıllı söhbətlər üçün rus və ingiliscədə hansı sözlər varsa, onlar bizdə də var. Bəlkə, dilin yoxsulluğu duyğusunu qrammatika törədir? Xeyr, dilimizin kifayət qədər cilalanmış qrammatikası var. Deməli, biz naqislikləri özümüzdə, xarakterimizdə, təfəkkür və düşüncə tərzimizdə axtarmalıyıq.

Axı biz azərbaycanlıların xəmiri bir balaca sıyıqdır. Başqalarının dili üçün həmişə əldən gedirik, onlara göstərmək istəyirik ki, bax diqqət edin, sizin də dilinizi bilirik. Şübhəsiz ki, belə yanaşma dilimizlə bağlı müəyyən bir natamamlıq kompleksi yaradır içimizdə. İndi heç kim rus, ingilis, yaxud türk dilində danışmağın əleyhinə deyil, amma öz ana dilini aşağılamaq, onu ikinci dərəcəyə endirmək tendensiyasına qarşı çıxmaq lazımdır. Ölkədə elə dil mühiti yaradılmalıdır ki, yuxarılı-aşağılı hamı bu dildə danışmaq zərurətini hiss etsin. Elə şərait yaranmalıdır ki, ana dili hər kəs üçün həyati vacib olsun, bu dil karyeraya yol açsın. Adamlar anlasın ki, bu dil hər şeydən əvvəl bir ehtiyacdır. Bu ehtiyac artarsa, dil də güclənər. Xüsusən, siyasi elita, onun kişili-qadınlı təmsilçiləri buna ciddi əməl etməlidir. Belə olmasa, Azərbaycan dili yenə də «qara camaatın» dili statusuna enəcək.

Ölkəmizdə dilin işləkliyi ilə bağlı duruma diqqət edək: siyasi xadimlər nə qədər bəsit və cılız dildə danışırlar, pul çamadanlarından fərqli olaraq söz diplomatları çox kasıbdır. Kobud dildə verdikləri bəsit bəyanatları ilə daha çox məzhəkə qəhrəmanlarını xatırladan bəzi partiya «xadimlərini» isə cəmiyyət arasına çıxarmaq sadəcə ayıbdır. Hələ qəzet yazılarına, ekran-efirdəki verilişlərə baxın, ortada quru və çılpaq bir dil var, çünki burada maraqlı diskussiyalar, rəngarəng tok-şoular getmir, əsl fikir yoxsulluğu hökm sürür. Erotik aparıcılar, dardüşüncəli müğənnilər, bazar adamları TV-lərdə meydan sulayır. Ekranın dili mənəviyyatsız şou əhlinin dilinə çevrilir. Yeni çəkilən serialların, dublyajların dili də tamaşaçı qəlbini oxşamır.


* * *

İndi televiziyalarda Dil şuraları yaradılır. Tanınmış dilçi professorları və keçmiş diktorları bu şuralara cəlb edirlər ki, bir az sanballı görünsünlər. Allah qoysa, həmin şuralar aparıcılara dil incəliklərini başa salacaq, onların adam dilində danışmasına yardım edəcək. Amma həmin şura üzvlərinin heç bir real səlahiyyəti olmayacaq soruşsun ki, «bu aparıcılar, reportyorlar Azərbaycan dilini yaxşı bilmədiyi halda efirə necə buraxılır?». Çünki belə suallar xatalıdır, həm də axı belə birbaşa suallar dil sevgisi bir yana, heç Vətən və millət sevgisinin nə olduğunu bilməyən, amma əlində böyük ixtiyarları olanların xətrinə dəyə bilər!



    15.06.2013




Dəyərlərə daş atanlar







Bir vaxtlar çalışdığım «Səhər» (AzTV) proqramında tarixi hadisələrin təqvimini verərdik. Olanlardan-keçənlərdən söz açır, dünya və Azərbaycan tarixinə aid önəmli hadisələri yada salır, bəşər həyatında iz qoymuş olaylardan bəhs edirdik. Təbii ki, tarixə yön vermiş parlaq simaları da xatırlayır, artıq müəyyən dəyərə çevrilmiş şəxsiyyətlər barədə də tamaşaçılara qısa bilgi verirdik. TV-də növbəti rəhbər dəyişikliyinə qədər bu məsələdə elə bir ciddi problem yox idi. Hər şey yeni təyin olunmuş sədr müavininin iradlarından başladı.


* * *

Növbətçi redaktor pörtmüş halda otağıma gəldi və «Müavin təqvimin yarısını ixtisar elədi» – deyə bir az da doluxsunmuş vəziyyət aldı. İxtisarlara baxdım və gözlərimə inanmadım. AC hökumətinin dəmir yol haqqında dekret qəbul etməsi, yazıçı Bayram Bayramovun doğum tarixi və akademik Ziya Bünyadovla bağlı qısa məlumatlar və indi dəqiq xatırlamadığım daha iki məlumat mətndən çıxarılmışdı. Mən sovet senzurası vaxtında da, ondan sonra da televiziyada çox qadağalar görmüşdüm, amma belə açıq və köntöy «təcavüzlə» ilk dəfə idi rastlaşırdım.

Verilişin qovluğunu götürüb sədr müavininin yanına düşdüm. Aramız babat olsa da, söhbətimiz heç alınmadı. Aşkarca bildirdi ki, adları çəkilən şəxsiyyətlərlə bağlı xeyli ehtiyatlı olmaq lazımdır, Azərbaycan Cümhuriyyəti ilə bağlı isə efirə heç bir məlumat getməməlidir. Mənim «demoqogiyaya» əl atıb AC-nin 80 illiyi ilə bağlı prezident sərəncamını xatırlatmağımın da faydası olmadı. O, gözümün içinə dik baxaraq «sərəncama-zada fikir vermə, sən başa düşməlisən ki, yuxarılarda cümhuriyyət mövzusunu, xüsusən Rəsulzadə söhbətini sevmirlər». Nə deyəsən, xeyli «güclü» arqument idi və mən otağı suyu süzülə-süzülə tərk etdim.

Əslində, tarixi proseslərə, tarixin müəyyən məqamlarında anlaşılmaz kimi görünən mövqe tutan şəxsiyyətlərə birmənalı yanaşmaq bolşevizm tərzidir. Tarix heç kimin istəyinə və zövqünə uyğun yazılmır. Kağız üzərinə yazılanlar o zaman tarix adlanır ki, həqiqəti əks etdirmiş olsun. Mən 1990-cı ilin 22 yanvarında və 1994-cü ilin həmin ayında Milli Məclisdə 20 yanvar hadisələrinin qızğın müzakirələri zamanı bu qənaətin vacibliyini bir daha dərk etdim. Birinci müzakirələrdə tarix bütün çılpaqlığı ilə və bir az da xalq ruhunu ifadə edərək emosional tərzdə kağızlara hopurdu. İkinci müzakirələrdə isə siyasi məqsədlərin ürkütdüyü həqiqət qırmızı kresloların arxasından qorxa-qorxa boylanır və tez də yoxa çıxırdı.

Tarixi təhrif etmək, müəyyən hadisə və davranışları tarixi şəraitdən ayırıb təhlil etmək, həm də bu zaman xalq üçün dəyərə çevrilmiş insanlara çamur atmaq, onları ləkələməyə çalışmaq dünən də dəbdə idi, bu gün də. Belə təsəvvür yaranır ki, xalqın yaddaşına hopmuş şəxsiyyətlərə, bu gün də onların ruhunu ifadə edən görkəmli insanlara hücum etmək hardansa idarə olunan sistemə çevrilir. Uzağa getməyək, baxın, son illər Azərbaycanda kimlərə hücum edilir? Üzdə olanlara, cəmiyyətdə mənəviyyatını qoruyub saxlayanlara, ağlı, istedadı və həm də ləyaqətini qoruyan nüfuzlu insanlara, kütlədən və həmin kütləni idarə edənlərdən fərqli düşünənlərə, mənliyini və şəxsiyyətini hər cür maddiyyatdan üstün tutanlara, bir sözlə, xalq üçün dəyərə çevrilmiş adamlara. Sizcə, ulduza hürən köpəklərin Şər qarşısında dizini qatlamayan neçə-neçə ziyalıya, elm adamına, söz və qələm sahibinə davamlı hücumları təsadüfidirmi?

Mən hələ tarixə əl uzadanları, M.Füzuliyə, M.F.Axundova, Mirzə Cəlilə, M.Ə.Sabirə, R.Rzaya, S.Vurğuna və başqa dəyərlərə hücum çəkənləri bir yana qoyuram. Bizi tarixən mağmun, fərasətsiz, düşüncəsiz kimi təqdim edənlərlə də işim yoxdur. Amma bu kampaniyanı kimlərin aparmasında mütləq bir əmma var. Siz çevrənizə baxın, Azərbaycan xalqının tarixində parlaq iz qoymuş, onun milli-ictimai şüurunu oyatmış, könül rübabını dilləndirmiş, bədii-elmi düşüncəsini formalaşdırmış, ona heçdən bir müstəqil dövlət bəxş etmiş şəxsiyyətlərə qarşı çıxanlar kimlərdir? Doğrudanmı, xəmiri bu torpaqla yoğrulanlar millətə və onun dəyərlərinə belə «ləzzətlə» həqarət edə bilər?


* * *

Əlbəttə, istənilən tarixi şəxsiyyəti və tarixi hadisəni obyektiv təhlil və tənqid etmək olar, şəxsiyyətin bu prosesdəki roluna müxtəlif prizmalardan yanaşmaq da normaldır. Amma millətə sevgi yoxdursa, bu, ittihamdan o yana getməyəcək, naqislik burulğanında ilişib qalacaq. M.Ə.Sabir də, Mirzə Cəlil də, Üzeyir bəy və başqaları bu milləti sevərək tənqid edirdi. «Əkinçi» qəzeti ilə bizə ictimai göz vermiş Həsən bəy Zərdabi də qaranlıq bir mühitdə geriliyə səbəb olan savadsızlığı və nadanlığı içindən qovrula-qovrula tənqid edirdi, amma eyni zamanda bu qaranlığı işıqlandırmaq üçün ortaya şam da yandırıb qoyurdu. Çünki onların tənqidi milləti aşağılamırdı, əskiltmirdi, milli natamamlıq kompleksi yaratmırdı…



    22.06.2013




Ordum varsa, yurdum var…







Yasamal qəbirisanlığındakı dəfn mərasimi bitdi. Dünyanın ən hüznlü yerini yavaş-yavaş tərk edirdik. Köhnə qəbirlərin arasındakı nazik cığırlarla maşınların dayandığı darısqal yola tərəf tələsirdik. Bir-birinə sığınmış, uçulub-sökülməkdə olan qoşa məzarın yanından keçəndə gözüm baş daşındakı yazıya sataşdı. Bir anlığa yerimdə donub-qaldım, sanki məni ildırım vurdu. Qəbirlərə bir az da yaxınlaşdım, həyəcanım artır, ürəyim şiddətlə döyünürdü…

Yox, məni qara basmırdı, amma gördüyümə qəti əmin olmaq üçün tez-tələsik əyilib solmuş hərflərin üstünü sildim. İlahi, kimin qəbri olsa yaxşıymış bu? Bir vaxtlar adı Rusiyanın ucqarlarından tutmuş Avropanın iri paytaxtlarını dolaşan, elmi irsi dünyanın ən nüfuzlu hərbi akademiyalarında öyrənilən, 1918-1920-ci illərdə Azərbaycan milli ordusunun şərəf tarixini yazanlardan biri olmuş general Əliağa Şıxlinskinin. Port-Artur qəhrəmanı, dünya hərb elminə böyük töhfələr vermiş «rus artilleriyasının Allahı» tarixə biganəlik küləkləri əsdirən məmləkətimizin gözdən uzaq qəbiristanlığında əbədi uyuyurdu. Yanında da sevimli həyat yoldaşı, Azərbaycanın ilk tibb bacısı Nigar Şıxlinskaya…


* * *

Bir neçə gün əvvəl Milli Ordunun yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi parad, şübhəsiz ki, çoxlarımızı duyğulandırdı. İçimizdəki qürur və fərəh hissləri qırıcı təyyarələrin süzdüyü səmaya qədər yüksəldi. Bəli, biz neft pulundan bir az da orduya xərcləmişik, indi Cənubi Qafqazda ən güclü silah cəbbəxanasına malikik. Ordumuz sayca üstündür, müasir silahlarımız, qırıcılarımız, zenit toplarımız, düşməni lərzəyə sala biləcək raketlərimiz, pilotsuz təyyarələrimiz və bütün bunları məharətlə idarə edə biləcək ixtisaslı komandirlərimiz var. Deməli, «lazım gəlsə», hərbi sistem bir andaca işə düşəcək, işğal altında olan ərazilərimizi düşməndən təmizləyəcək. Əlbəttə, bunlar televiziya ekranlarından qəlbimizə, şüurumuza axıb gələn və fantaziyalarımızı qidalandıran hisslərdir.

Ordu gününün duyğuları bizi təkcə gələcəyə yox, həm də keçmişə aparır, 95 il əvvələ. Cümhuriyyət elan olunduqdan dərhal sonra ordu quruculuğuna başlandı. Müstəqil dövləti qoruyub yaşatmaq lazım idi. Hələ İstiqlal Bəyannaməsində göstərilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlət həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Odur ki bir yandan könüllülər yığılır, bir yandan da yüksək ixtisaslı hərbçilər, komandirlər axtarılırdı. Yaxşı ki belə ixtisaslı zabitlər, az da olsa var imiş. AC hökuməti əvvəlcə general Ə.Şıxlinskini dəvət etdi, sonra S.Mehmandarovu aradılar. «Müsəlman alayı»nın işə yaradığı Gəncədə hərbi quruculuq işlərinin əsası qoyuldu. İyul ayında burada ilk hərbi məktəb yaradıldı.

Onda Bakı bolşeviklərin dəstəklədiyi S.Şaumyanın əlində idi. Çar ordusunun silah və sursatına, həmçinin canlı qüvvəsinə yiyələnmiş bolşevik Bakı kommunasının güclü ordusu, hətta təyyarəsi vardı. Bu ordu özünə o qədər arxayın idi ki, Gəncə istiqamətində hücum etmək və elan olunmuş Azərbaycan Cümhuriyyətini beşiyindəcə boğmağı planlaşdırırdı. Lakin Cümhuriyyəti quran babalarımız işlərini ehtiyatlı tutaraq bir tərəfdən Türkiyə ilə danışıqlar aparır, hərbi təhlükəsizliyi təmin etməyə, digər tərəfdən cəbhədən qayıdan rus əsgərlərini tərk-silah edib silah-sursat ehtiyatı yaratmağa çalışırdılar. General Ə.Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə strateji təkliflər hazırladı. Plana görə, ilk növbədə hərbi nazirlik qurulmalı, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.

Milli ordu quruculuğu çox çətin hərbi şəraitdə aparılırdı. Türk zabitləri və Qafqaz İslam ordusunun Gəncəyə gəlişi, paytaxta yürüşün başlanması, Göyçay və Şamaxı istiqamətlərindəki uğurlu döyüşlər, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi ordu quruculuğu üçün əlverişli imkan yaratdı. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Həmin il dekabrın 26-da artilleriya general-leytenantı S.Mehmandarov hərbi nazir, general-leytenant Ə.Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. Nazir S.Mehmandarovun əmri ilə qısa müddətdə hərbi çağırış elan olundu. Azərbaycanın Rusiyadan qoparaq müstəqil dövlət olması və Milli hökumətin qısa müddətdə ciddi uğurlar qazanması əhalidə milli orduya böyük inam yaratmışdı. Odur ki heç kim çağırışdan yayınmaq haqqında belə düşünmürdü.

Cümhuriyyət hökumətinin yaratdığı milli ordu qısa müddətdə misilsiz şücaətləri ilə Azərbaycan xalqının şərəf tarixini yaza bildi. Bu ordu tezliklə Biçeraxovun Lənkərandakı qiyam cəhdinin qarşısını alıb onu darmadağın etdi, Qarabağı erməni qoşunlarından təmizlədi, Zəngəzurdakı ağır döyüşlərdə Androniki əzib bu ərazilərdə Azərbaycanın müstəqilliyini təmin etdi.

Milli ordunun zəfər yürüşü müstəqil dövlətin sabahına böyük inam yaradırdı. 1920-ci ilin yanvarında Parisdə dünya dövlətlərinin Azərbaycanın müstəqilliyini tanıması bu ümidləri daha da artırırdı. Lakin zaman müstəqil dövlətin xeyrinə işləmirdi. Rusiyada bolşeviklərin vətəndaş müharibəsini qalibiyyətlə sona çatdırması, Avropa ölkələrinin bir çoxunda başlanmış siyasi-hərbi böhran, xüsusilə Cənubi Qafqazda hərbi durumun kəskinləşməsi, Qarabağda baş qaldıran erməni qiyamları və ölkənin qərbində – Ermənistanla sərhədlərdə bolşevik Rusiyasının təhriki ilə başlanmış silahlı təxribatlar AC hökumətini gücdən salırdı. Milli ordu da bir neçə istiqamətdə döyüşlər apardığından zəifləyirdi, xüsusən şimal sərhədlərini qorumaq üçün qüvvə çatışmırdı. Buna görə də 1920-ci ilin aprelində 72 minlik qoşunla Azərbaycana hücum çəkən 11-ci Qızıl ordunun qarşısına Samurda Milli ordunun cəmi 350 nəfərlik heyəti çıxmış, Yalama stansiyasında qəhrəmanlıqla döyüşərək hamısı həlak olmuşdu. Yəqin ki, nə vaxtsa Samurda həmin əsgərlərin xatirəsinə ucaldılacaq abidə onların ruhunu şad edəcəkdir.


* * *

Milli ordu günü bütün bunlar barədə düşünmək, Azərbaycanın istiqlal tarixini yaratmış, o cümlədən ordumuzun qəhrəmanlıq salnaməsinə qızıl səhifələr yazmış parlaq tarixi şəxsiyyətlərə aid əzəmətli bir panteonun olmasını, şərəfli tarixin gənc nəslə dürüst anladılması üçün tədbirlər görülməsini arzulamaq zərərli deyil. Çünki hələ AC dövründə ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər keçmişini, kökünü, soyunu bilməli, vətənini, dilini, millətini sevməli, onların qeyrətini çəkməlidir. Çünki bunlar cəmləşəndə yenilməz döyüş ruhu və iftixar hissi yaradır. Yalnız belə olanda təntənəli hərbi paradın da, burada iştirak edən yaraşıqlı forma geymiş əsgər və komandirlərin də, nümayiş etdirilən müasir texnikanın, silah-sursatın da bizdə yaratdığı ruh oyanıqlığının, sevincin ömrü daha uzun olur. Əgər sevgi və ruh yoxdursa, heç olmasa, bir metr torpaq azad etməmiş ordu hər gün hərbi parad keçirsə belə, yalnız bəzəkli eksponat kimi baxılacaq. Bu yerdə, yəqin ki, yaxşı yumor hissi olan oxucunun yadına böyük pul müqabilində ticarət karvanının təhlükəsizliyini boynuna götürmüş lətifə qəhrəmanı düşəcək. Belinə iri xəncər bağlamış və əsl cəngavər görkəmi olan bu qəhrəman quldurların karvana hücumu zamanı qorxudan qaçıb gizlənir, var-dövlət çapılıb aparılandan sonra yenə belində xəncər peyda olur. Sərvəti əlindən getmiş tacirin xəncərə işarə ilə «bəs bu belindəki nədən ötrüdür?» sualına bizim qəhrəman özünü itirmədən «yaman günün yarağıdır» cavabını verir. Hə… xəncər də, ordu da yaman gündə gərəkdir, xalqın, Vətənin, millətin yaman günündə…



    29.06.2013




Həqiqətin bahalaşan qiyməti


Demokratiya bir hakim olaraq sovet və kommunist imperializmini ölümə məhkum etmişdir.

    Ə.Fətəlibəyli-Düdənginski

Kim nə deyir-desin, həqiqətin qiyməti getdikcə artır, çünki onu demək çətinləşir. Həm də həqiqəti söyləyənlərin sayı azalır. Sayı azalan bir şey isə həmişə qiymətli olur. İndi Azərbaycan cəmiyyətində həqiqət belə bir bahalı mənəvi-sosial sərvətə çevrilib. Yox, söhbət çayxana və kuluarlarda danışılan həqiqətdən getmir, onun ictimai miqyasda söylənməsindən, mətbuatın, televiziya və radionun həqiqətə nə dərəcədə sadiq qalmasından gedir.


* * *

Xalq hərəkatının başlandığı ilk illərdə kiçik vərəqələrdə, senzuradan gizli buraxılan əl nəşrlərində həqiqətin isti nəfəsi yavaş-yavaş insanları qızdırırdı. Sonra «Azərbaycan», «Gənclik, «Azadlıq», daha sonra «Yeni Müsavat», «Müxalifət», «Aydınlıq», «Yeni fikir», «Rezonans», «Avropa», «Monitor», «Ayna», «Zerkalo», «Gün səhər» kimi qəzet və jurnalların səhifələrindən qanad açaraq yayılmağa başladı. Amma onlardan çox-çox əvvəl bu həqiqəti xarici radiostansiyalar misqal-misqal sızdırırdı. Bəli, o vaxtlar da həqiqət ört-basdır ediləndə, yalanlar ayaq açıb yeriyəndə və insanlar dəqiq məlumat almaq ehtirası ilə yaşayanda «Azadlıq» və «Amerikanın səsi» kimi radiostansiyalar kara gəlirdi. 1990-cı ilin məşum yanvar gecəsindən sonra səsimiz heç yana yetməyəndə, baş-başa qaldığımız tranzistorlarda bir-birinə qarışmış dalğalar arasında biz «Azadlıq» radiosunun xışıltılarla gəlib çatan tanış və doğma səsini axtarırdıq.

Həmin radionun Azərbaycan xidməti öz tarixi missiyasını bugünkü şəraitdə də davam etdirir, həqiqətin və demokratik dəyərlərin yayılmasına öz töhfələrini verir, «onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır». Mötəbər məlumat mənbəyi olan radionun proqramlarını ölkə əhalisinin əhəmiyyətli hissəsi dinləyir. Təsadüfi deyildir ki, ən populyar vaxtında FM dalğasından çıxarılsa da, bu gün «Azadlıq» internetdə ən çox dinlənilən radiolar sırasındadır.

Multimedia imkanlarından bəhrələnən radio, artıq bir neçə aydır ki, ayrıca telexəbər bülleteni də hazırlayaraq peyklə yayımlayır. Amma nə etməli ki, Azərbaycan həqiqətlərini əks etdirən bu yığcam xəbər bülleteni hakimiyyətdəki bəzi zəkası sönük məmurların xoşuna gəlmir. Ona görə də həmin bülletenin efirdə olduğu vaxtda peyk kanalı hücuma məruz qalır, səs və görüntü yararsız vəziyyətə salınır, bir sözlə, verilişlər vurulur. Beynəlxalq telekommunikasiya qaydalarına zidd olan bu hərəkətləri kimin törətdiyini ABŞ-da yaxşı bilirlər. «Ağ ev» in sözçüsü bu davranışı «soyuq müharibə dönəmində Sovet İttifaqının xarici radiostansiyalara qarşı geniş tətbiq etdiyi praktika» kimi səciyyələndirib.


* * *

Sovetlər birliyinin ideoloqları, həqiqətən, «soyuq müharibə mələkləri» adlandırdıqları xarici radiostansiyalardan çox qorxurdular. Ən böyük qorxu bu radiolarda həqiqətin söylənməsi idi. Qərb radioları rok musiqisi vasitəsilə sovet dinləyici auditoriyasına tilov atır, sonra qısa xəbərlərlə həqiqətləri çatdırırdı. Bu, II Dünya müharibəsindən sonra Çörçilin məşhur Fulton çıxışı ilə başlanan «soyuq müharibə»nin əsas psixoloji taktikası idi. Qərb avtoritar sovet sisteminin ən böyük qorxusunun həqiqət sarıdan olduğunu yaxşı bilirdi. Bu sistem geniş xalq kütləsinin həqiqətdən xəbər tutmaması üçün çox çalışır, xarici radiodalğaları vurmaq üçün milyardlar xərcləyirdi. Amma xeyri yox idi.

50-ci illərdə ABŞ Senatı federal büdcədən maliyyə ayırdıqdan sonra yayıma başlayan iki radiostansiya – «Azad Avropa» (1950) və «Azadlıq» (1953) radioları sovet işğalı altında olan respublikalarda insanlara öz ana dillərində fərqli xəbər almaq, həqiqəti bilmək imkanı yaradırdı. Var gücü ilə işləyən radiolar arasında konkret vəzifə bölgüsü var idi: «Azad Avropa» daha çox Şərqi Avropanın sosialist ölkələrini, «Azadlıq» isə (ilk vaxtlar «Qurtuluş» adlanırdı) SSRİ-ni hədəfə almış, onun bütün respublikalarının dillərində verilişlər yayımlamağa başlamışdı. Getdikcə qol-qanad açan bu stansiyaların dünyanın azı 100 ölkəsində 240 məlumat mərkəzi, 200-dən çox kitabxanası yaradıldı. Təkcə SSRİ xalqlarının 23 dilində həftədə 2 min saatdan çox veriliş hazırlanırdı. Əməkdaşların sayı qısa müddətdə 350-dən 1500-ə çatdırılmışdı.

1953-cü ilin martından «Azadlığ»ın Azərbaycan redaksiyası da fəaliyyətə başlamış, bu redaksiyanın ilk baş redaktoru Əbdürrəhman Fətəlibəyli – Düdənginski və Ceyhun Hacıbəylinin səyləri sayəsində Azərbaycanın siyasi mühacirləri üçün əsl tribunaya çevrilmişdi. Vətəndə «xain» adlanan bu adamlar Azərbaycan həqiqətlərini öz doğma dillərində həmvətənlərinə çatdırır, onları sovet rejimi ilə gizli mübarizəyə ruhlandırırdılar.


* * *

«Azadlıq», elə həmin «Azadlıq» dır. Yenə də həqiqətin və demokratiyanın yanındadır. Yenə də bu missiyasına görə avtoritar düşüncə sahibləri onu sevmir, FM-dən çıxarır, verilişlərini topa tutur, peykdəki yayımına əl uzadırlar. Deyəsən, yenə də xeyri yoxdur. İnsanlar azadlıq və həqiqət təşnəsindədir. Yalanlar çoxalanda adamlar həmişə həqiqətə, doğrunu söyləyənlərə tərəf boylanır. Bu, dünyanın hər yerində, o cümlədən, Azərbaycanda da belədir. Buna görə bizdə də düşünən, özünə dəyər verə bilən insanların çoxu tarixən həqiqət carçısı olmuş «Azadlığ»a üz tuturlar. Bu radionun ağzına əsgi basmaq, onun yaydığı proqramları peyk siqnalları ilə vurmaq, həqiqətlərin qarşısına fəza səddi çəkmək mümkünsüzdür. Çünki həqiqət maddi olan deyil, o ruha bağlıdır və mütləq dalğa sədlərinin arasından keçib onun həsrətində olan ünvana çatacaq. Lap sovet dönəmində olduğu kimi…



    06.07.2013




Qızın iki adaxlısı olanda







Azərbaycan kimi qəribə məmləkətdə yaşamağın adama mənəvi rahatlıq verən çox böyük üstünlükləri də var. Hələm-hələm avropalının anlamayacağı ən böyük üstünlük bizdə başını kola soxub, arxasını çöldə qoyan adamların sayca artması və bir də çoxlarının yavaş-yavaş bu tərzə öyrəncəli olmasıdır. Ətrafdan xəbər tutmayan belə adamlar üçün həqiqət, yalnız başlarını kəmali-ehtiramla dincə qoyduqları kolun dibindəkilərdən ibarətdir. Məsələn, bu həftə mətbuat şurasına daxil olan və barmaqla (amma barmağın arxasında pul və ev kimi şirnikləndirici vasitələr də var ha!) idarə edilən qəzet, jurnal işçilərinin qurultayı oldu. Qurultayda dedilər, güldülər, kol dibində boy atan jurnalistikanın böyük «nailiyyətlərindən» danışdılar, sonra da onları uğurlu gələcəyə aparacaq köhnə və yeni rəhbərləri seçib dağılışdılar. Amma bizim söhbət cəmiyyətin mənəvi dünyasını daraldan, həqiqəti deməkdən çəkinən, araşdırmalar aparmaqdan qorxan, hakimiyyəti tənqid etməyi tərgitməkdə olan, məmur görəndə rəngi avazıyıb səsi dəyişən müti mətbuat və qələm əhlimiz haqqında deyil.


* * *

Əslində, siyasətdən danışmaq istəyirdim. Daha doğrusu, cücələrin sayılma mövsümü olan payızdakı prezident seçkiləri ilə bağlı ölkənin siyasi həyatında tamamilə yeni mühit yaratmış Milli Şuranın vahid namizədi ilə bağlı ortada olan problem haqqında.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/qulu-m-h-rr-mli/g-l-c-y-on-soz-68289925/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.


Gələcəyə ön söz Qulu Məhərrəmli
Gələcəyə ön söz

Qulu Məhərrəmli

Тип: электронная книга

Жанр: Публицистика

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Gələcəyə ön söz, электронная книга автора Qulu Məhərrəmli на азербайджанском языке, в жанре публицистика

  • Добавить отзыв