Beş həftə hava şarında

Beş həftə hava şarında
Jül Vern
Dünya ədəbiyyatından seçmələr
Doktor Ferqüson əksəriyyətin haqqında çox şey bilmədiyi Afrikanı başdan-ayağa dolaşmaq fikrinə düşür, özü də hava şarı ilə! Beləcə, o və iki sadiq yoldaşı qeyri-adi hadisələrin iştirakçısına çevrilirlər.

Jül Vern
Beş həftə hava şarında

© ALTUN KİTAB MMC – 2022

1
London Coğrafiya Cəmiyyətinin 1862-ci il yanvarın 14-də keçirilən iclasına xeyli adam yığışmışdı. Cəmiyyətin prezidenti ser Frensis öz hörmətli həmkarlarına mühüm xəbər verdi və onun çıxışı tez-tez alqışlarla kəsildi. Ser Frensis nitqini belə yekunlaşdırdı:
– İngiltərə öz cəsur səyyahları sayəsində coğrafi kəşflər baxımından digər xalqlardan həmişə öndə olub. Şübhə yoxdur ki, doktor Samuel Fergüson da vətəninin başını ucaldacaq. Əgər onun cəhdi baş tutsa, Afrika coğrafiyası haqqında təsəvvürümüz daha da genişlənər. Yox, əgər uğursuz olsa, bir o qədər də təəssüflənməyə dəyməz. Çünki doktor Fergüsonun cəhdi, hər bir halda, insan dühasının cəsur ideyası kimi tarixə düşəcək…
İclas zalı alqışlardan, qışqırıqlardan lərzəyə gəlmişdi. Doktor Fergüsonun adı dillərdən düşmürdü. Elə həmin iclasda onun öz planını həyata keçirməsi üçün pul ayrıldı.
Bəs doktor Fergüson kim idi və özünü hansı işə həsr etməyə hazırlaşırdı? Gənc Fergüsonun atası ingilis donanmasının kapitanı idi. O, oğluna lap kiçik yaşlarından öz sənətini sevdirmiş, uşaq elmi işə, həmçinin dəniz ekspedisiyalarından bəhs edən əsərlərə maraq göstərmişdi. Atası ona hidroqrafiya, fizika və mexanikanı sevdirməyi yaddan çıxarmamış, eləcə də Fergüsonu botanika, tibb və astronomiya ilə tanış etmişdi.
Kapitan Fergüson öləndə Samuelin iyirmi iki yaşı var idi. O artıq gəmi ilə dünya səyahətinə çıxmağa macal tapmışdı. Atasının ölümündən sonra donanmanın mühəndis korpusunda xidmət eləyib, hətta bir neçə döyüşə qatılmış və fərqlənmişdi. Ancaq əsgər həyatı gənc Fergüsonun ürəyincə olmamışdı: əmr etməyi xoşlamadığı kimi, əmrə tabe olmağı da sevmirdi. Odur ki istefaya çıxıb gah ovçuluqla, gah da herbari[1 - Herbari – qurudulmuş bitkilər kolleksiyası] toplamaqla günlərini keçirirdi. Bir dəfə isə səyahətə çıxmaq həvəsinə düşdü və gedib İndoneziyanın şimal hissəsinə çıxdı. Oradan Avstraliyaya yola düşdü və Yeni Hollandiyanın mərkəzi hissəsində yerləşdiyi ehtimal edilən iri bir gölü tapmaq üçün 1845-ci ildə kapitan Stüartın ekspedisiyasına qoşuldu. Samuel Fergüson 1850-ci ildə İngiltərəyə qayıtdı. Onun coğrafi kəşflərə həvəsi daha da alovlanmışdı. Bu səbəbdən kapitan Mak-Klyuru üç il boyunca ekspedisiyalarda müşayiət etdi. Berinq boğazından Farvel burnuna qədər Amerika qitəsini dolanan Samuel qarşılaşdığı çətinliklərin, məhrumiyyətlərin öhdəsindən məharətlə gəldi[2 - Berinq boğazı Şimal Buzlu okeanında yerləşən Çukot dənizi ilə Sakit okeanın şimalındakı Berinq dənizini bir-birinə bağlayır, Farvel burnu isə Qrenlandiyanın ucqar nöqtəsində yerləşib, eyni zamanda, hündürlüyü 800 metrə çatan zirvədir (red.).].
Bizim yorulmaz səyyahımız 1855-ci ildən 1857-ci ilə qədər Şlaqintveyt qardaşları ilə Mərkəzi Asiyada yerləşən Tibetin qərb hissəsini tədqiq elədi və evə maraqlı etnoqrafik məlumatlarla qayıtdı. Doktor Fergüson bu ekspedisiyalarda iştirak etməklə yanaşı, həm də İngiltərədə nəşr olunan nüfuzlu “Deyli Teleqraf” qəzetinin müxbiri idi. Heç bir elmi müəssisənin, heç bir coğrafi cəmiyyətin üzvü olmasa da, müxbirliyi sayəsində kifayət qədər tanınırdı.
Doktor bir qədər fatalist idi. O, taleyə inanır və hesab edirdi ki, hansısa gizli qüvvə onu dayanmadan səyahətə çıxmağa təhrik eləyir…
* * *
London Coğrafiya Cəmiyyətindəki iclasın səhəri günü “Deyli Teleqraf”da çap olunan məqalədə yazılmışdı: “Nəhayət, Afrika öz hüdudsuz səhralarının sirrini açacaq. Keçmiş zamanlarda Nilin mənbəyini axtarmaq əlçatmaz bir arzu sayılırdı. Doktor Bart, doktor Livinqston, kapitanlar Riçard Burton[3 - Riçard Burton (1821–1890) – ingilis səyyah, yazıçı, etnoqraf] və Spik[4 - Con Henninq Spik (1827–1864) – ingilis səyyah, tədqiqatçı. 1858-ci ildə Viktoriya gölünü və Nilin mənbəyini tapıb.] – bütün bu səyyahlar müasir sivilizasiyadan ötrü üç yeni yol açmışlar. Bu yollar Afrikanın ürəyində kəsişir. İndiyə qədər ora heç bir səyyahın ayağı dəyməyib. Coğrafi tədqiqatları oxucularımız tərəfindən yüksək qiymətləndirilən doktor Samuel Fergüson elm cəfakeşlərinin çoxillik fəaliyyətini davam etdirmək niyyətindədir. Özü də, qeyri-adi üsulla! Belə ki, bu qorxmaz tədqiqatçı hava şarında Afrikanı şərqdən qərbə keçmək fikrinə düşüb. Əgər yanılmırıqsa, onun səyahətinin çıxış nöqtəsi Afrikanın şərq sahilində yerləşən Zənzibar[5 - Zənzibar – Afrikanın şərq sahilləri ilə uzanan Hind okeanında 75 adadan ibarət arxipelaq] adasıdır. Səyahətin son nöqtəsinin hara olacağı isə yalnız qəzavü qədərdən asılıdır…”
Təbii ki, məqalə böyük hay-küyə səbəb oldu. Bəzi insanlar bu səyahətə şübhə ilə yanaşır, bəziləri isə bütün çətinliklərə baxmayaraq, səyyaha uğurlar diləyirdilər.
Səyahətə hazırlıq Londonda aparılırdı. Çox keçmədən məlum oldu ki, fabriklərin birində hətta hava şarı üçün ipək parça da sifariş edilib! Britaniya hökuməti isə kapitan Pennetin komandası altında “Mətin” adlı gəmini doktor Fergüsonun ixtiyarına vermişdi.
Beləliklə, ölkədə hamının diqqəti doktor Fergüsona yönəlmişdi. Bir çox ixtiraçı hava şarında istifadə etmək üçün öz cihazlarını ona təklif eləyirdi. Ancaq doktor bu cihazların heç birini istəmədi. Özünün nəsə ixtira edib-etmədiyi ilə bağlı sualları isə cavabsız qoydu…

2
Xarakterləri fərqli olsa da, doktor Fergüsonla Dik Kennedi arasında möhkəm dostluq yaranmışdı. Dik sözün əsl mənasında şotlandiyalı idi: səmimi, qətiyyətli və tərs! O, Edinburq yaxınlığındakı Leyte qəsəbəsində yaşayırdı. Balıq tutmağı xoşlayır, lakin ovçuluğa daha çox maraq göstərirdi. Kennedi əsasən də karabindən sərrast atəş açmaqla tanınırdı. O da Fergüson kimi qırx yaşlarında idi. Görkəmi ilk baxışdan adamı özünə çəkirdi: hündürboylu idi, gündən yanmış sifəti, qara gözləri vardı, baxışlarından səmimiyyət, mehribanlıq oxunurdu…
Dikin Fergüsonla tanışlığı Hindistana gedib çıxırdı; eyni alayda qulluq etmişdilər. Samuel şir, fil ovladığı vaxt Kennedi kolleksiyası üçün bitki və həşərat toplayırdı. Tale onları hərdən ayırır, ancaq qarşılıqlı rəğbət yenə birləşdirirdi. Doktor uzaq ekspedisiyalardan qayıdanda hökmən bir neçə həftə dostunun yanında qalırdı. Dik keçmişi xatırlayır, Samuel isə gələcək üçün planlar qururdu. Fergüson narahat adam idi, Kennedi isə sakitlik mücəssəməsi sayıla bilərdi. Daim təmkinli davranır, nadir hallarda özündən çıxırdı.
Tibet səyahətindən qayıdandan sonra doktor Fergüson iki il boyunca yeni ekspedisiyalardan kənarda qaldı. Dik düşünürdü ki, dostunun sərgüzəştlərə olan həvəsi sönməyə başlayıb. O buna görə hətta sevinirdi də! Çünki gec-tez bu sərgüzəştlərin axırı pis qurtaracaqdı. Nə qədər təcrübəli olsan da, həyatın boyu adamyeyənlərin, yırtıcı heyvanların arasında salamat qala bilməzsən. Dik dostunu yola gətirməyə çalışırdı ki, səyahətlərin daşını atsın, elm üçün onsuz da çox iş görüb, elə bundan ötrü tarixdə qalması kifayətdir. Fergüson isə onun nəsihətlərinə, demək olar, cavab vermirdi. Nəsə müəmmalı hesablamalarla məşğul olur, heç kimə məlum olmayan qeyri-adi cihazlarla təcrübələr keçirirdi. Hiss olunurdu ki, böyük bir plan üzərində düşünür.
“O nə fikirləşir?” – Kennedi baş sındırırdı. Nəhayət, “Deyli Teleqraf”dakı məqalə hər şeyi aydınlaşdırdı.
– İlahi! – Dik qışqırdı. – Dostum ağlını tamam itirib! Afrikanın üzərindən hava şarı ilə keçmək! Bircə bu çatmırdı! Demək, iki ildir bunu düşünürmüş!
Kennedi həmin axşam qatara oturub səhər Londona çatdı. Bir neçə saatdan sonra artıq doktor Fergüsonun evinin qarşısında idi.
– Dik! – Fergüson onun gəlişinə elə də təəc-cüblənmədi. – Ovun bu qızğın çağı xeyir ola Londonda?
– Gəlmişəm ki, ağlını başına yığasan. Qəzetdə yazılanlar doğrudur? Bu səyahətə çıxmaq fikrindəsən?
– Sakit ol, əzizim Dik, – doktor dedi. – Başa düşürəm ki, öz layihələrimlə səni tanış etmədiyimə görə məndən inciyibsən…
– Hələ bunu layihə adlandırır!
– Bilirsən, neçə vaxtdır həddən artıq məşğul idim. Lakin getməzdən əvvəl mütləq sənə məktub yazacaqdım…
– Sənin məktubun mənə çox lazımdır! – Kennedi onun sözünü kəsdi.
– Məsələ orasındadır ki, səni də özümlə aparmaq istəyirəm.
Şotlandiyalı əlini yellədi.
– Qulaq as, Samuel, istəyirsən, ikimizi də dəlixanaya salsınlar?
– Əgər on dəqiqə mənə qulaq assan, – Fergüson sakitcə sözünə davam etdi, – mənə minnətdar olacaqsan.
Diklə Samuel sanki rollarını dəyişmişdilər: Kennedi acıqlı, doktor isə təmkinli görünürdü.
– Ciddi deyirsən? – Dik heyrətlə soruşdu.
– Həm də çox ciddi deyirəm, – doktor tövrünü pozmadan cavab verdi.
– Bəs səninlə getmək istəməsəm?
– Onda tək gedəcəyəm.
– Yaxşı, oturub sakitcə danışaq. Əgər zarafat etmirsənsə, bu iş müzakirə olunmağa dəyər.
– Əzizim Dik, etirazın yoxdursa, söhbətimizi süfrə arxasında davam etdirərik.
Dostlar buterbrod qalaqlanmış, böyük çaydan qoyulmuş süfrənin arxasında oturdular.
– Dostum Samuel, – ovçu sözə başladı, – əgər heç nəyə baxmayaraq, Afrikanın üstündən uçmaq istəyirsənsə və bu səyahət sənin xoşbəxtliyin üçün belə vacibdirsə, niyə həmişəki yollardan istifadə etməyəsən?
– Çünki indiyə qədər bu cəhdlər uğursuzluqla nəticələnib. Biz Afrikada çox qurbanlar vermişik. Görünür, aclıq və susuzluqla, yırtıcı heyvanlar və yerli vəhşi qəbilələrlə, üstəlik, qızdırma kimi qorxunc xəstəliklə mübarizə aparmaq mümkün deyil. Əgər nəyisə bir yolla etmək mümkün deyilsə, onda başqa yol fikirləşib tapmaq lazımdır. Ortadan keçə bilmirsənsə, onu yandan, ya da üstdən keçmək kimi!


– Dəhşətli olan da məhz budur, – Dik dedi.
– Nədən qorxursan? – doktor soyuqqanlılıqla etiraz etdi. – Hava şarının qəzaya uğramaması üçün hər bir ehtiyat tədbiri gördüyümə, yəqin ki, şübhən yoxdur. Nəsə baş verəndə də başqa səyyahlar kimi ayağımı torpağa basacağam. Təkrar edirəm, şar məni pis vəziyyətdə qoymaz. Ümumiyyətlə isə, hər hansı qəza barədə düşünməyə dəyməz. Mən özümə inanıram!
– Əksinə, elə qəza haqda düşünmək lazımdır. Çünki sənin əminliyin heç nəyi dəyişmir. Bu təhlükəlidir, vəssalam!
– Yox, əzizim Dik, Afrikanın qərb sahilinə çatmamış öz hava şarımdan ayrılmağı ağlımdan belə keçirmirəm. Şarda bürkü, sel, tufan, ziyanlı iqlim, vəhşi heyvan, hətta insan da mənim üçün qorxulu deyil! Həddindən artıq istidirsə – yuxarı qalxaram, soyuqdursa – aşağı enərəm; yolumu dağ kəssə, üstündən keçərəm; qarşıma uçurum, ya da çay çıxsa, quş kimi üzərindən uçaram…Fergüsonun sözləri Kennedini həyəcanlandırdı. O, indi Samuelə heyranlıq və qorxu ilə baxırdı.
– Bir dayan, əziz dostum, məgər hava şarını idarə etməyin yolunu tapmısan? – Dik soruşdu.
– Yox, bu hələ xəyaldır.
– Bəs onda necə uçacaqsan?
– İstiqaməti həmişə eyni olan passat[6 - Passat – tropiklər arasında bütün il ərzində əsən külək. Passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-şərqə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır.] küləklərinin köməyinə bel bağlayıram.
– Belə… – Kennedi fikirli-fikirli mızıldadı. – Passatlar… əlbəttə… ola bilər…
– Ola bilər yox, olar! Bütün məsələ də bundadır, – Fergüson dostunun sözünü kəsdi. – İngiltərə hökuməti mənim ixtiyarıma nəqliyyat gəmisi verib. Razılaşdırılıb ki, Afrikanın qərb sahilinə çatanda orada üç-dörd gəmi olacaq. Üç ay sonra mən Zənzibara çatacağam. Biz orada şara qaz doldurub yola düşəcəyik…
– Biz?! – Dik yenidən heyrətlə səsləndi.
– Hə. Doğrudanmı hələ də nəyəsə iradın var? De, danış, dostum, sözünü ürəyində saxlama.
– İradım çoxdur. Ondan başlayaq ki, daim harasa baxmaq istəyəcəksən, deməli, tez-tez enib-qalxmaq lazım gələcək və kifayət qədər çox qaz işlətməli olacaqsan. Bu da uzun müddət hava ilə səyahət etməyə həmişə maneçilik törədib.
– Əzizim Dik, iradının cavabında onu deyim ki, qa-zın bir atomunu, bir malekulunu da itirməyəcəyəm…
– İstəyəndə aşağı enə biləcəksən?
– Enə biləcəyəm.
– Bunu necə edəcəksən?
– Bu artıq mənim sirrimdir. Mənə güvən, dostum.
– Qoy sən deyən olsun, – ovçu onunla candərdi razılaşdı. Ürəyində isə belə qərara gəldi ki, hələlik bir tamaşaçı kimi kənarda dayansın və bundan sonra işlərin necə gedəcəyini izləməklə kifayətlənsin.

3
Doktor Fergüson səfərə ciddi cəhdlə hazırlaşırdı. Hava şarının inşasına şəxsən özü rəhbərlik edir, hərdən bəzi şeylərə təzədən əl gəzdirirdi. Üstəlik, ərəb dilini, həmçinin zəncilərin müxtəlif ləhcələrini öyrənmişdi.
Bu arada ovçu dostu ondan bir addım da olsun aralanmır, yeri gəldikcə onu fikrindən daşındırmağa çalışırdı. Zavallı şotlandiyalı indi mavi göy qübbəsinə belə, qorxusuz baxa bilmirdi. Hətta yuxuda başı fırlanır, ona elə gəlirdi ki, çox böyük yüksəklikdən aşağı uçur. Bir neçə dəfə çarpayıdan yıxılmış, dərhal da əzilən başını Fergüsona göstərmişdi.
– Vur-tut çarpayıdan düşmüşəm, ancaq şişə bax! İndi özün düşün.
Ancaq bu eyham doktoru təşvişə salmamışdı.
– Biz yıxılmarıq, – Fergüson demişdi.
– Birdən yıxıldıq?
– Deyirəm ki, yıxılmarıq!
Dik dostunu əsəbiləşdirmək istəmir, ona görə də dərinə getmirdi. Əlavə etmək lazımdır ki, o, Edinburqdan xəlvətcə bəzi paltarlarını və ən yaxşı ov tüfənglərini gətizdirmişdi.
Günlərin bir günü Dik özünü elə göstərdi ki, guya dostunun təkidi ilə güzəştə gedib və onunla birlikdə səfərə çıxmağı qərara alıb. Ancaq o saat da səfəri təxirə salmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı.
– Nilin mənbəyini kəşf etmək bəşəriyyət üçün o qədər vacibdir? – Dik soruşdu. – Afrika qəbilələri bundan xoşbəxt olacaq? Axı nə vaxtsa kimsə daha az risklə Afrikanın üstündən keçib gedəcək…
Ancaq bu sözlər Fergüsonu özündən çıxardı:
– Sən nə istəyirsən, zavallı Dik? İstəyirsən, şan-şöhrət başqasına qismət olsun? Səncə, özümüzə xəyanət etməliyik, xırda maneələrin qarşısından geri çəkilməliyik? İngilis hökumətinin və London Coğrafiya Cəmiyyətinin mənim üçün elədiklərinin əvəzində onlara bu cür təşəkkür etməliyəm? Sən, yəqin, bilmirsən ki, başqa ölkələrdən olan yeni tədqiqatçılar hazırda Afrikanın mərkəzinə yaxınlaşırlar. Məlumun olsun: London Coğrafiya Cəmiyyəti leytenant Spikin kəşf etdiyi gölü tədqiq etməyi qərara alıb. Spik bu cəmiyyətin himayəsi altında əvvəllər Hindistanda xidmət eləyən kapitan Qrantla birləşərək ekspedisiya yaradıb. Onlara Ukereve[7 - Ukereve gölü – Şərqi Afrikada göl, indiki Viktoriya gölü] gölünü tədqiq eləyib Qondokoroya[8 - Qondokoro – İsmaliyə adı ilə də tanınır. Nilin qolu olan Ağ Nilin şərq sahilində ticarət məntəqəsi olub. Sudanın paytaxtı Xartum şəhərindən 1200 km cənubda yerləşir.] çatmaq tapşırılıb. Dik, başa düşürsən, bu ekspedisiyada iştirak etmək istəyiriksə, tələsmək lazımdır. Bu hələ hamısı deyil: bəzi tədqiqatçılar Nilin mənbəyini kəşf etməyə nə qədər yaxındırlarsa, başqaları da eyni cəsarətlə Afrikanın mərkəzinə can atırlar. Nəhayət, – Fergüson boğazını arıtlayıb sözünə davam etdi, – Avstriyanın Xartumdakı vitse-konsulu doktor Heyqlin bu günlərdə yaxşı bir ekspedisiya hazırlayıb. Onlar 1853-cü ildə Sudana göndərilən səyyah Fogeli axtarmağa gedirlər. Fogel Çad gölü ilə Darfur arasındakı naməlum ölkəni tədqiq etmək üçün yollanmışdı. Həmin vaxtdan isə yazıq səyyahdan xəbər-ətər yoxdur. Deyilənə görə, kimlərinsə əmri ilə qətlə yetirilib. Doktor Heyqlin artıq iyunda yola düşüb. Fogeli axtarmaqla yanaşı, həm də Nillə Çad gölünün arasındakı ərazini tədqiq etməlidir. Görürsən, Afrika şərqdən qərbə hamı tərəfindən keçilməyə başlanır. Biz niyə geri qalmalıyıq?
– Lap gözəl! – şotlandiyalı səsləndi. – Əgər onların işləri yolunda gedirsə, bizim orada nə işimiz var?
Doktor Fergüson heç nə deməyib yalnız çiyinlərini çəkdi.

4
Fergüsonun Co adlı nökəri vardı. Co sahibinin dediyi hər şeyə qeydsiz-şərtsiz inanırdı və doktora çox sadiq idi. Bu adam Samuelin bütün tapşırıqlarını bacarıqla yerinə yetirmək bir yana, hətta onun nə tapşırıq verəcəyini belə əvvəlcədən bilirdi. Həmişə yüksək əhvali-ruhiyyəli, daim mehriban biri idi, bir sözlə, ondan yaxşı nökər təsəvvür etmək olmazdı.
Fergüsonun Afrikanın üstündən uçmaq ideyası fikrinə düşəndə Co artıq səfər hazırlığına başlamışdı. Əgər doktor getməyi qərarlaşdırıbsa, deməli, öz məqsədinə sadiq Co ilə çatacaqdı. Buna şübhə yox idi! Ağası Coya səfərə getmək barədə heç nə deməsə də, təbii ki, səfər onsuz baş tuta bilməzdi.
Co öz ağasını bir çox səyahətlərdə müşayiət eləmişdi, bunun sayəsində müəyyən elmi biliklərə də yiyələnmişdi. Onun öz fəlsəfəsi var idi, bu fəlsəfənin təməlində isə iki prinsip dayanırdı – sakitlik və nikbinlik! Co heç vaxt heç nədən şikayətlənmir, heç nədən çəkinmirdi. Bu adamın məziyyətlərindən biri də yaxşı görmə qabiliyyətinin olması idi. Böyüdücü şüşədən istifadə etməyərək belə, Yupiterin peyklərini görə bilirdi. Co bununla öyünmürdü, ancaq yeri gələndə həmin nadir bacarığından gözəl istifadə eləyirdi. O öz ağasına çox inandığı üçün ekspedisiyaya hazırlıq zamanı bu səfərə şübhə ilə yanaşan Kennedi ilə aralarında mübahisə yaranırdı.
– Hə, mister Kennedi, artıq hər şey hazırdır, tezliklə yola düşürük, – Co bir dəfə böyük həvəslə dedi.
– Əzizim Co, səni məyus etmək istəmirəm, ancaq doktorun təşəbbüsü ağılsızlıqdır. O heç yerə uçmayacaq.
– Uçmayacaq? Siz onun hava şarını görmüsünüz? Əla şardır! Səbətin içində necə rahat oturacağımızı təsəvvür edirəm!
– Belə çıxır ki, öz doktorunla, doğrudan da, səfərə getmək niyyətindəsən.
– Doktorla dünyanın o biri başına da gedərəm, – Co qətiyyətlə dedi. – Onu heç tək buraxaram?! Yorulanda ona kim yardım edəcək? Uçurumdan keçmək lazım olanda kim ona öz qüvvətli əlini uzadacaq? Xəstələnsə, kim ona qulluq eləyəcək? Yox, mister Dik, Co həmişə doktor Fergüsonun yanında olacaq.
– Sən yaxşı insansan, Co.
– Axı siz də bizimlə gedirsiniz…
– Əlbəttə. Daha doğrusu, Samueli bu ağılsız təşəbbüsündən daşındırmaq üçün sizi Zənzibara qədər müşayiət edəcəyəm.
– Mister Kennedi, siz onu fikrindən daşındıra bilməzsiniz! Doktor bir işə başlamazdan əvvəl onu yüz dəfə ölçüb-biçir. Qərar qəbul olunandan sonra isə hətta şeytan da onu yolundan döndərə bilməz.
– Buna hələ baxarıq, – şotlandiyalı mızıldadı.
– Boş yerə özünüzə ümid verməyin. Lakin ən vacibi sizin getməyinizdir. Sizin kimi ovçu üçün Afrika möcüzələr diyarıdır. Ora getməyinizə peşman olmayacaqsınız. Yeri gəlmişkən, bilirsiniz, bu gün tərəzidə çəkiləcəyik.
– Nə tərəzi?
– Xəbəriniz yoxdur? Sizinlə birlikdə tərəzidə çəkilməliyik. Ancaq narahat olmayın, nə qədər ağır olsanız da, sizi arıqlamağa məcbur eləməyəcəklər. Necə varsınızsa, elə də aparacaqlar.
– Mən çəkilməyəcəyəm… – Kennedi inamla dedi.
– Bax bu olmadı! Axı dəqiq hesablama aparılmasa, şar havaya qalxmaya bilər.
– Lənət şeytana! Mənə də elə bu lazımdır.
– Nə danışırsınız, mister Kennedi?! Doktor indicə sizi aparmağa gələcək.
– Dedim getməyəcəyəm.
– İnanmıram ki, onu pis vəziyyətdə qoyasınız.
– İndi görəcəksiniz!
– Olsun! – Co güldü. – Özü burada olmadığına görə belə deyirsiniz. Ancaq sahibim sizə “Dik, sənin dəqiq çəkini bilməliyəm” deyən kimi, yekəxanalığıma görə məni bağışlayın, o dəqiqə yanına düşüb gedəcəksiniz.
Elə bu vaxt Fergüson kabinetə girdi.
– Dik, – doktor dedi, – sən də, Co, mənimlə gəlin. Hər ikinizin dəqiq çəkisini bilməliyəm.
– Ancaq… – Kennedi dilini sürüdü.
– Tərəzidə çəkiləndə şlyapanı çıxarmasan da olar, – doktor onun sözünü kəsdi.

5
Doktor Fergüson səfərə çıxmazdan əvvəl hər şeyi təfərrüatı ilə düşünmüşdü. Aydındır ki, fikrini ən çox hava şarı məşğul edirdi. Həcmi həddindən artıq böyük olmasın deyə onu havadan on dörd dəfə yüngül olan hidrogenlə doldurmağı qərara almışdı.
Əgər doktor iki şardan istifadə eləyə bilsəydi, əlbəttə, bu daha yaxşı olardı. Çünki şarın biri partlayanda ballastı[9 - Ballast – tarazılığı saxlamaq üçün əlavə yük və ya ağırlıq] atıb o biri şarda dayanmaq mümkün idi. Ancaq məsələ orasındadır ki, zərurət yarananda eyni qaldırıcı qüvvəni saxlamaqla iki şarı idarə etmək çox çətindir. Bu narahatlığı aradan qaldırmaq üçün doktor Fergüson müxtəlif ölçülü iki örtük sifariş edib birini o birinin içinə yerləşdirdi. Bir şardan o birinə klapan açılırdı, bu da lazım gələndə onları birləşdirməyə imkan verirdi. Hər iki örtük möhkəm parçadan hazırlanmışdı. Səyahət üçün nəzərdə tutulan alətlər isə bunlar idi: iki barometr, iki termometr, iki kompas, sekstant[10 - Sekstant – iki obyekt arasındakı bucağı ölçmək üçün istifadə olunan optik alət (red.)], iki xronometr[11 - Xronometr – astronomların, geodeziyaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq saat növü (red.)] və teleskop.
Fevralın 10-da bütün hazırlıqlar, demək olar, başa çatdı. Fevralın 16-da isə “Mətin” pərli paroxodu Qrinviç yaxınlığında lövbər saldı. Paroxodun kapitanı Pennet mehriban adam idi və elmi fəaliyyətini yüksək qiymətləndirdiyi doktor Fergüsonun yeni səyahətinə böyük maraq göstərirdi. Bu da səbəbsiz deyildi: Pennet hərbçi olmaqdan daha çox, alim idi. Ancaq bu, gəmisində dörd top saxlamağına maneçilik törətmirdi.
“Mətin”in anbarı hava şarının yerləşməsi üçün xüsusi olaraq düzəldilmişdi. Fevralın 18-də şarı gəmiyə göndərdilər. Səbət və ləvazimatlar, lövbər və kəndirlər, ərzaq və Zənzibarda doldurulması nəzərdə tutulan su üçün yeşiklər – hamısı doktor Fergüsonun nəzarəti altında paroxoda yükləndi. Gəmidə doktorla onun dostu Kennediyə iki rahat kayut verildi. Şotlandiyalı getməyəcəyini təkrar-təkrar desə də, “Mətin”ə bir yığın silahla gəldi: iki qoşalülə, bir karabin, iki tapança. Ancaq bütün bu silahlar, eləcə də barıtqabı, patrondaş, qırma və güllələr Fergüsonun ona icazə verdiyi çəki həddini aşmırdı.
Fevralın 19-da gəmiyə gələn səyahətçilərimiz gəmi heyəti tərəfindən hörmətlə qarşılandılar. Onu da deyək ki, şən Co tezliklə hamının sevimlisi oldu.
London Coğrafiya Cəmiyyəti fevralın 20-də doktor Fergüsonla Kennedinin şərəfinə vida ziyafəti verdi. Məclisdə kraliçanın da teleqramı oxundu. Kraliça hər iki səyyaha uğur diləyirdi.
Ertəsi gün “Mətin” Londonun ortasından axıb gedən Temza çayının mənsəbinə doğru yol aldı. Demək artıqdır ki, gəmidə bütün söhbət doktor Fergüsonun ekspedisiyası ətrafında olurdu. Doktora inanmaq üçün onu görmək və eşitmək kifayət idi. Səfərin uğurla nəticələnəcəyinə tezliklə heç kimin şübhəsi qalmadı.
Səfər zamanı doktor zabitlərə əsl coğrafiya kursu keçdi. Fergüson əmin idi ki, altı min ildir bəşəriyyət üçün müəmma olaraq qalan Afrika on doqquzuncu əsrdə, nəhayət, öz sirlərini insanlara açacaq.
İndi hər kəsi düşündürən bircə şey var idi: doktorun özü ilə götürdüyü ərzağın azlığı! Paroxoddakı zabitlərdən biri marağını gizlədə bilməyib Fergüsondan bunun səbəbini soruşdu.
– Bəyəm siz səfərin nə qədər sürəcəyini düşünürsünüz? – doktor dedi. – Aylar çəkəcəyini güman edirsinizsə, çox yanılırsınız. Əgər səfər uzansa, biz məqsədimizə çatmadan ölərik. Məlumunuz olsun ki, Zənzibardan Senaqalın sahillərinə qədər təxminən üç min beş yüz mildir[12 - Mil – 1,6 km-ə bərabər uzunluq ölçüsü]. Afrikanın üstündən uçub keç-mək üçün bizə bir həftə kifayətdir. Axı biz gecə-gündüz dayanmadan hərəkət eləyəcəyik.
– Belə olan halda, heç nə görməyəcəksiniz, ümumiyyətlə, ölkələri tədqiq eləyə bilməyəcəksiniz, – zabit etiraz etdi.
– Onu nəzərə alın ki, – doktor cavab verdi, – əgər hava şarının sahibi mənəmsə, istədiyim vaxt enib-qalxa, ağlım kəsdiyi yerdə dayana bilərəm. Xüsusən də, güclü hava axınları təhlükə yaratmağa başlayanda!
– Güclü hava axınları ilə rastlaşacağınıza şübhəniz olmasın, – kapitan Pennet söhbətə qarışdı. – Axı orada iki yüz qırx mil sürətlə küləklər əsdiyindən xəbəriniz var.
– Görürsünüz, – doktor gülümsədi, – bu sürətlə Afrikanın üstündən vur-tut on iki saata uçub keçmək olar. Zənzibarda oyanıb Sen-Luidə[13 - Sen-Lui – Afrikanın qərbində yerləşən Seneqalın şimalında əyalət və həmin bölgənin eyni adlı inzibati mərkəzi (red.)] yatarsan.
– Məgər şar bu cür havada uça bilər? – başqa zabit soruşdu.
– Belə şeylər olub.
– Şar uça bilər, bəs insan? – bu dəfə Kennedi özünü saxlaya bilməyib söhbətə qarışdı.
– İnsan da davam gətirə bilər. Çünki hava şarı onu əhatəyə alan havaya nisbətdə həmişə hərəkətsizdir. Axı şarın özü yox, hava kütləsi hərəkət eləyir. Səbətdə şam yandırsanız, onun alovunun hətta titrəmədiyini görərsiniz. Lakin, istənilən halda, mən belə sürətlə uçmaq fikrində deyiləm. Üstəlik də, özümüzlə iki aylıq azuqə götürmüşük. Yerə enəndə isə mahir ovçumuzun bizi quş ətinə qonaq etməsinə heç nə maneçilik törədə bilməz.
– Əməlli-başlı kefə baxacaqsınız, mister Kennedi! – gənc miçmanlardan[14 - Miçman – bəzi hərbi dəniz donanmalarının starşina (serjanta bərabər rütbə) heyətində ən böyük ad, habelə bu cür adı olan şəxs (red.)] biri həsədlə ovçunu süzdü.
– Bilirsiniz, məsələ siz düşündüyünüz kimi deyil…
– Necə? Məgər siz uçmayacaqsınız?
– Yox. Dostumu müşayiət eləyirəm ki, bəlkə, son anda fikrindən daşındıra bildim.
Hamı doktora baxdı.
– Ona qulaq asmayın, – Fergüson sakitcə dedi. – Mənimlə bərabər uçacağını özü gözəl bilir.


– Nəyə istəyirsiniz, and içərəm ki, mən uçmayacağam! – Kennedi səsləndi.
– Əzizim Dik, yaxşısı budur, and içmə. Səni artıq tərəzidə çəkmişik. Təkcə səni yox, barıtını, tüfənglərini, güllələrini də… Ona görə daha bu haqda danış-mağa dəyməz.
Doğrudan da, Zənzibara çatana qədər Dik ağzını açıb bir daha bu barədə danışmadı.

6
Londondan yola düşdükdən 27 gün sonra, martın 30-da üfüqdə Masa dağı göründü. Müşahidə borusu ilə artıq Keyptaun[15 - Keyptaun – Afrikanın cənubunda yerləşən Cənubi Afrika Respublikasında şəhər, eyni zamanda, bu ölkənin qanunverici paytaxtı (red.)] şəhərini görmək olardı. Tezliklə “Mətin” bu şəhərin limanında lövbər saldı. Kapitan kömür ehtiyatı götürmək üçün limana girmişdi, buna isə vur-tut bir gün vaxt getdi. Səhəri gün “Mətin” Afrikanı dolanıb Mozambik boğazına girmək üçün cənuba istiqamət götürdü.
Mozambik boğazında hava xüsusilə əlverişli idi. Hamı Zənzibara tez çatmağı və son hazırlıqlarında doktor Fergüsona kömək etməyi arzulayırdı.
Nəhayət, eyni adlı adada yerləşən Zənzibar şəhəri göründü. Aprelin 15-i, saat 11-də “Mətin” bu dəfə Zənzibarın limanında lövbər saldı. Həmin ada Fransa və İngiltərənin müttəfiqi olan imam Maskatın torpağı idi. Limana qonşu ölkələrdən çoxlu gəmilər girirdi. Ada Afrika materikindən yalnız otuz mil enində boğazla ayrılırdı.
Zənzibar barədə danışarkən bunu da qeyd eləmək lazımdır: orada kitrə[16 - Kitrə – ağacların qabığından sızan sarı-qırmızımtıl maddə], fil sümüyü və qul alveri ilə məşğul olurlar. Döyüşlərdə əsir götürülənlər də həmin şəhərə gətirilirlər. Savaşlar isə qurtarmaq bilmir, çünki Afrika qəbilələri ara vermədən bir-biri ilə vuruşurlar.
“Mətin” limana yan alan kimi ingilis konsulu ora gəlib doktor Fergüsona öz xidmətini təklif etdi. Səfər haqqında Avropa qəzetlərindən xəbər tutan konsul doktoru, Dik Kennedini və əlbəttə ki, mehriban Conu öz evinə dəvət etdi. O, söhbət zamanı doktora kapitan Spikin bir neçə məktubunu göstərdi. Fergüson həmin məktublardan öyrəndi ki, kapitan və yoldaşları Uqoqo[17 - Uqoqo – Afrikanın şərqindəki alman torpaqlarında ölkə] ölkəsinə çatana qədər aclıqdan, pis hava şəraitindən dəhşətli əziyyət çəkiblər.
– Biz hava şarı sayəsində bax bu cür təhlükələrdən, məhrumiyyətlərdən canımızı qurtara biləcəyik, – doktor dedi.
Hava şarı üçün siqnal dirəyinin yanında əlverişli yer seçildi. Arxadakı iri tikili onu şərqdən əsən külək-lərdən qoruyacaqdı. Ancaq işə başlamağa az qalmış konsula məlumat çatdırıldı ki, yerli əhali buna mane olmaq niyyətindədir. Havaya qalxmaq istəyən xristianın gəlişi yerli sakinləri qəzəbləndirmişdi. Ərəblərdən daha çox həyəcanlanan zəncilər bu uçuşun öz dinləri, Günəş və Ay tanrıları əleyhinə olduğunu düşünürdülər. Afrika xalqları hər iki göy cisminə sitayiş etdiklərindən ekspedisiyaya müqavimət göstərmək qərarına gəlmişdilər.
Düzdür, kapitan Pennet bu hədələrdən çəkinmək fikrində deyildi, lakin doktor başqa cür düşünürdü.
– Əlbəttə, biz şarı gəmidən düşürə bilərik, – Fergüson dedi, – bu işdə hətta imamın qarnizonu da bizə kömək edər. Ancaq bədbəxt hadisə üçün hərdən bircə an kifayətdir. Şara bir xətər yetirilsə, səyahətimiz başlamamış sona çatar. Odur ki ehtiyatlı hərəkət etmək lazımdır.
Konsul təklif etdi ki, şar limanın arxasındakı adalardan birinə düşürülsün və dənizçilər tərəfindən qorunsun.
– Əla! – Fergüson səsləndi. – Son hazırlıqlarımızla da elə orada rahatca məşğul olarıq.
Tezliklə “Mətin” Kumbeni adlı kiçik bir adaya yan aldı. Aprelin 16-da şarı meşədəki çəmənliyə düşürdülər. Həmin vaxt bütün sahilboyu keşikçilər düzülmüşdü. “Mətin”in qayıqları isə boğazda növbə çəkirdilər.
İşi belə görən yerli əhali indi öz qəzəblərini yalnız uzaqdan-uzağa qışqırmaqla bildirirdi. Kahinlər camaatın içində gəzişir, onları daha da qızışdırırdı. Bəziləri hətta üzüb adaya getməyə çalışırdı. Ancaq onların qarşısı asanlıqla alınırdı.
Həmin gün axşam saat 6-da bizim səyyahlarla “Mətin”in heyəti son dəfə süfrə arxasında oturdular. Ayrılıq anının yaxınlaşması hamıda kədərli düşüncələr oyatmışdı. Cəsur səyyahlarımızın taleyi necə olacaq? Yenə görüşə biləcəklərmi? Şarı idarə eləmək alınmasa və səyyahlar vəhşi qəbilələrin arasına düşsələr, nələrlə üzləşəcəklər? Bu sual doktorla onun sadiq nökərindən başqa, hər kəsi düşündürürdü.
Səyyahlar səhər tezdən kayutlarını tərk edib Kumbeni adasına getdilər. Şərq küləyi hava şarını yüngülcə yırğalayırdı. Səyyahların yola salınması və təşkil olunan təntənəli mərasimdə iştirak etmək üçün kapitan Pennet də öz zabitləri ilə adaya gəlmişdi.
Bu arada Kennedi doktora yaxınlaşıb dedi:
– Samuel, uçuş qərarında qətisən?
– Elədir, əziz Dik.
– Sənə mane olmaq üçün hər şeyi etdim.
– Doğrudur.
– Onda mənim vicdanım təmizdir. İndi mən də səninlə gedirəm.
– Mən buna inanırdım, – doktor kövrəldiyini gizlətmədi.
Səhər saat 9-da üç aeronavt[18 - Aeronavt – uçucu aparatlarda havaya uçan adam (red.)] hava şarında öz yerini tutdu. Doktor odluğu yandırıb kranı açdı. Bir neçə dəqiqədən sonra şar yuxarı qalxmağa başladı. Dənizçilər onu saxlayan kanatları yavaş-yavaş boşaltdılar. Səbət yerdən iyirmi fut[19 - Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi (red.)] ayrıldı…
– Dostlar! – öz yoldaşlarının arasında başıaçıq dayanmış doktor qışqırdı. – Hava şarımıza ad verək. Qoy bu ad ona uğur gətirsin! Onu “Viktoriya”[20 - Viktoriya – latınca söz. “Qələbə”, "qalib" mənalarında işlənir (red.).] adlandıraq!
“Ura” qışqırıqları ətrafa yayıldı.
“Viktoriya” sürətlə havaya qalxdı. “Mətin”in dörd topundan yaylım atəşi açıldı.

7
Bir müddət sonra “Viktoriya” min beş yüz fut hündürlüyə qalxdı. Sürətli hava axını şarı cənub-qərbə apardı. Bizim səyyahların gözü önündə gözəl mənzərə açıldı. İndi Zənzibar adası ovuc içində imiş kimi görünürdü. Hər cür çaları olan yaşıl düzənliklər, ağaclıqlar və meşələr… Adanın sakinləri isə bu qədər hündürlükdən baxdıqda həşəratlara oxşayırdılar. Onların qışqırığı getdikcə uzaqlarda itib əriyirdi…
– Necə də gözəldir! – Co ilk olaraq səssizliyi pozdu.
Ancaq ona heç kim cavab vermədi. Doktor barometri müşahidə eləyib nələrsə yazırdı. Kennedi isə önündəki mənzərədən gözünü çəkə bilmirdi: “Mətin” buradan adi qayığa oxşayırdı, Afrikanın qərb sahili isə sanki köpüklənirdi.
İki saatlıq uçuşdan sonra “Viktoriya” saatda səkkiz mil sürətlə hərəkət eləyirdi. Doktor odluğun alovunu azaltdı. Şar yerdən artıq üç yüz fut hündürlükdə idi. Afrikanın şərq sahilinin bu hissəsi Mrima adlanırdı. Sıx manqo ağacları sahili qoruyurdu. Su çəkildiyindən Hind okeanının yuduğu manqoların köklərini görmək olurdu. Üfüqdə uzanıb gedən qum təpələri nəzərə çarpır, şimal-qərbdə isə Nquru dağları ucalırdı.
“Viktoriya” indi Kaşe adlı kəndin üzərindən uçurdu. Doktor həmin kəndi xəritədə tapmışdı. Yerlilər hava şarını görüb öz qəzəb və qorxularını qışqırıqlarla ifadə eləyirdilər. Çox keçmədən isə onlar şara ox atmağa başladılar. Lakin xoşbəxtlikdən şar oxların çata biləcəyi hündürlükdə deyildi.
Bir qədər sonra külək şarı cənuba aparmağa başladı. Doktor bundan təşvişə düşmürdü, hətta kapitan-lar Burtonla Spikin keçdiyi yolu tədqiq etmək imkanı yarandığı üçün sevinirdi.
Co isə hələ də dil boğaza qoymurdu.
– Rədd olsun faytonlar! Rədd olsun gəmilər! Səyahət üçün hava şarından gözəl nə ola bilər!
– Bunun yanında axı dəmir yolları nə olan şeydir. – Kennedi onunla razılaşdı. – Müxtəlif ölkələrdən keçib gedirsən, ancaq, demək olar, heç nə görmürsən.
– Bizim “Viktoriya”nın tayı-bərabəri yoxdur! – Co ondan geri qalmadı. – Hərəkət etdiyini hiss eləmirsən. Təbiətin özü qarşında canlanır.
– Hələ mənzərələrə bax! Elə bil, qamakda[21 - Qamak – torlu asma yataq (red.)] yatıb yuxu görürsən.
– Yeri gəlmişkən, səhər yeməyinin vaxtı deyilmi? – birdən Co soruşdu. Təmiz hava onu iştaha gətirmişdi.
– Yaxşı fikirdir, – Fergüson onunla razılaşdı.
– Səhər yeməyi hazırlamaq çox vaxt aparmaz: suxarı ilə ət konservi, – Co bildirdi.
– Bir də qəhvə, – doktor əlavə etdi.
Az keçmiş üç fincan buğlanan qəhvə doyumlu səhər yeməyindən sonra səyyahların ovqatı daha da yaxşılaşdı.
Şarın indi üzərindən uçduğu ölkə son dərəcə münbit idi. Bunu əyri-üyrü cığırların sıx yaşıllıqlar arasında itməsindən aydın görmək olardı. Orada-burada qarğıdalı, arpa tarlaları, al-qırmızı çiçəkləri olan çəltik, tütün plantasiyaları gözə çarpırdı. Pəyələrlə bərkidilmiş qəfəslərdə qoyun və keçilər görünürdü: yəqin, həmin qəfəslər onları bəbirin dişlərindən qorumaq üçün idi. Yaşayış məskənləri çox idi və “Viktoriya”nı görəndə çaxnaşma düşür, hay-küy qalxırdı. Lakin hava şarı hələ də elə yüksəkdən uçurdu ki, ora ox çatmırdı. Yerlilər komalarının yanında dəstə-dəstə dayanıb səyyahların arxasınca lənətlər yağdırırdılar.
Aeronavtlar tezliklə Tunda adlı kəndin üstünə çatdılar.
– Bax elə burada, – doktor dedi, – Burton ilə Spik qızdırmaya tutulublar və ekspedisiyanın uğursuzluqla üzləşdiyini düşünüblər. Onlar sahildən çox da uzaqlaşmamışdılar, ancaq yorğunluq, məhrumiyyətlər artıq öz sözünü deyirdi.
Doğrudan da, bu yerlərdə həmişə qızdırma tüğyan edirdi. Xəstəliyin qorxusundan doktor hündürdən uçmağa qərar verdi.
Aşağıda arabir karvanlar gözə dəyirdi. Axşamın sərinini gözləmək üçün onlar ağaclıqlarda daldalanırdılar. “Viktoriya”nı görəndə isə yerlilər adətən hay-küylə qaçışırdılar. Kennedi onlara yaxından baxmaq istəyirdi, lakin Samuel hər dəfə buna qarşı çıxırdı.
– Onların başçılarının muşketi olur, – doktor dedi, – “Viktoriya” əla hədəfə çevrilə bilər.
– Məgər yüngülcə deşilsə, şar düşər? – Co soruşdu.
– Dərhal düşməz, ancaq həmin deşik tezliklə böyüyəcək, qazın hamısı da uçub gedəcək.
Yerin görünüşü get-gedə dəyişirdi. Yaşayış məntəqələri az gözə dəyirdi, manqo ağaclıqları isə tamam yoxa çıxmışdı. Onlar bu en dairəsində bitmirdi. Artıq təpəliklər başlamışdı, bu da dağların yaxınlığından xəbər verirdi. Doktor gecələmək üçün Dutimi adlı dağın arxasında yerə enmək fikrində idi.
– Nə qəşəng ağaclardır! – Co səsləndi. – On belə ağac olsa, bütöv bir meşə yaranar!
– Bunlar baobab ağaclarıdır, – doktor izah elədi. – Gövdəsinin diametri yüz fut olar.
Artıq Dutimi dağı görünürdü.
– Əgər hesablamalarım dəqiqdirsə, dağı saat yeddidən tez aşacağıq, – Fergüson dedi.
– Yəni gecə də uçacağıq? – ovçu soruşdu.
– İmkan daxilində yox, – doktor cavab verdi. – Ehtiyat tədbirləri görsək, gecə də təhlükəsiz şəkildə uça bilərik. Ancaq Afrikanın yalnız üstündən uçmaq kifayət deyil, onu görmək də lazımdır.
– Afrikadan şikayətlənməyə hələ haqqımız yoxdur, – Co dedi. – Bunun harası səhradır! Dünyanın ən münbit qitəsidir! Gəl indi bundan sonra coğrafiyaçılara inan!
– Tələsmə, Co, görək hələ sonrası necə olacaq, – doktor dilləndi.
“Viktoriya” saat 7-nin yarısında Dutiminin üstün-dən keçib saat 8-də əks tərəfdə yerə enməyə başladı. Səbətdən lövbər atıldı. Dağ hava şarını şərq küləyin-dən qoruyurdu, bu səbəbdən də “Viktoriya”, demək olar, hərəkətsiz idi.
Bizim aeronavtlar təmiz havada ləzzətlə şam elədilər. Sonra qərara alındı ki, gecə növbə ilə keşik çək-sinlər.
Kennedi ilə Co adyala bürünüb örtüyün altında şirin yuxuya getdilər, Fergüson isə növbə çəkməyə başladı.

8
Gecə sakit keçdi. Səhər açılanda isə hava dəyişdi. Göy üzünü qara buludlar aldı. Tezliklə leysan başladı. Tikanlı kol-kos basmış cığırlar dərhal keçilməz hala düşdü.
Co cəld şəkildə lövbəri sikomor[22 - Sikomor – firon ənciri, tutkimilər fəsiləsindən bitki növü] ağacından açdı və ipək nərdivanla səbətə dırmaşdı. Doktor odluğu yandırdı və külək “Viktoriya”nı qabağına salıb qovdu.
Saat 10-da hava düzəldi. Lakin bu dəfə də doktor Fergüson şarı şimal-şərqə aparacaq hava axını axtarmağa başladı və onu altı yüz fut hündürlükdə tapdı. Yer təpəlik, hətta dağlıq idi. Qəfildən şişuclu zirvələr peyda olmağa başladı. Onlara ilişməmək üçün diqqətli olmaq lazım idi.
– Biz kifayət qədər təhlükəli qayaların arasındayıq, – Kennedi dedi.
– Ancaq etiraf etmək lazımdır ki, hava şarı gözəl səyahət vasitəsidir, – Co bildirdi.
– Bilirsiniz, – doktor söhbətə qarışdı, – biz indi yağışın palçığa döndərdiyi yollarla getsəydik, yük heyvanlarımızın çoxu artıq ölmüşdü. Gündüzlər rütubətli istidən, gecələr soyuqdan və adamı dəli edən mığmığalardan əziyyət çəkəcəkdik. Hələ yırtıcı heyvanları, vəhşi qəbilələri demirəm.
“Viktoriya” təxminən saat 11-də İmenjo adlı su hövzəsinin üstündən keçdi. Təpələrə səpələnmiş komaların sakinləri aeronavtları öz silahları ilə hədələyirdilər.
– Diqqətli olun! – Fergüson yoldaşlarına dedi. – Biz Rubexo dağına yaxınlaşırıq. Bu dağın adı yerli dildə “Küləklərin keçdiyi yol” deməkdir. Şişuclu zirvələrə toxunmamaq üçün, yaxşı olar, beş min futdan yuxarı qalxaq.
– Bu qədər hündürlüyə qalxmaq tez-tez lazım gələcək? – Kennedi maraqlandı.
– Yox. Afrika dağları, görünür, Avropa və Asiya dağlarından alçaqdır.
Altı min fut hündürlükdə hava hiss ediləcək dərəcədə seyrəldi. Səslər bir xeyli boğuq çıxırdı. Yerdəki cisimlərin cizgiləri aydın görünmürdü. Adamları, heyvanları isə, ümumiyyətlə, görmək olmurdu. Yollar sapa, göllər hovuza oxşayırdı.
“Viktoriya” meşələrin üstündən keçib Rubexonun əks yamacında enməyə başladı. Aşağıda gündən yanmış sarımtıl düzənlik uzanıb gedirdi.
Doktor şarı endirdi. Co lövbərləri atdı və onlardan biri yekə bir sikomorun budağına ilişdi.
Co cəld aşağı sürüşüb lövbəri bərk-bərk bağladı.
– İndi isə, əzizim Dik, tüfənglərini çıxar, – Fergüson dedi, – Co ilə gedib nahara dadlı antilop əti gətirin.
– Ova! – Kennedi vəcdlə qışqırdı.
– Ehtiyatlı olun, öz postumdan ətrafda baş verənlərə göz qoyacağam. Bir şey olsa, karabindən atəş açacağam. Bu toplaşmaq üçün işarə olacaq.

9
Diklə Co yarım saat piyada gedəndən sonra kitrə meşəsinə girdilər. Tüfəngləri əllərində hazır tutmuşdular.
Qurumuş çaydan qalan gölməçələrdə onlarla antilop su içirdi. Bu qəşəng heyvanlar təhlükə hiss etdiklərindən narahat idilər. Tez-tez başlarını qaldırıb döyükürdülər.
Co tərpənmədi, Kennedi isə iri ağacların arxasından keçərək antiloplara bir güllə məsafəsi yaxınlaşıb tətiyi çəkdi. Sürü bir anda yoxa çıxdı, ancaq antilopun biri yerdə qaldı. Kennedi öz qənimətinə doğru atıldı.
– Bilirsən, Co, – ovçu dedi, – bu, nadir cins antiloplardandır. Onun dərisini soyub saxlamaq fikrindəyəm.
– Doktor Fergüson əlavə yük götürməyə heç vaxt razılaşmaz.
– Haqlısan, Co, ancaq bu cür gözəl heyvanı atıb getməyə adamın heyfi gəlir.
– Niyə atırıq ki? Yemək üçün ən yaxşı tikələrini kəsib götürəcəyik.
– Onda, dostum, sən bununla məşğul ol, mən də ocaq qalayım.
Bir neçə dəqiqə sonra artıq ocaq yanırdı. Can ətinin qoxusu ətrafa yayılanda güllə səsi eşidildi.
– Mənim karabinimdir, səsindən tanıyıram, – Kennedi dedi. – Yəqin, doktor üçün təhlükə var.
Ovçular qənimətlərini də götürüb gəldikləri yolla qaça-qaça geri döndülər. Onlar meşənin kənarına çatanda “Viktoriya”nı öz yerində, doktoru isə səbətdə gördülər. Şarı bir sürü əntər meymunu əhatə eləmişdi. Bəziləri hətta sikomorun başına çıxıb budaqları yırğalayırdı.
– Dostum, soyuqqanlı ol və dəqiq nişan al, – şotlandiyalı Coya dedi. – Bir neçəsini yerə sərməsək, təhlükənin qarşısı alınmayacaq.
Onlar qaçaraq şara yaxınlaşanda səbətdən yenə güllə atıldı. Lövbərin kəndirindən sallanan iri əntər yerə aşdı. Tüfənglərdən açılan daha bir neçə atəşdən sonra əntərlərdən ölən öldü, qalanları isə qaçıb dağılışdılar.
Kennedi ilə Dik ipək nərdivanla səbətə dırmaşdı, bir an sonra isə şar artıq torpaqdan ayrılmışdı. Axşama yaxın külək dayandı, hava sanki yuxuya getdi. Doktor əbəs yerə hava axını axtarırdı. Təbiətdə sakitliyin hökm sürdüyünə əmin olanda elə havadaca gecələmək qərarına gəldi.
Fergüson səhər kompasa baxıb gördü ki, küləyin istiqaməti dəyişib. Külək “Viktoriya”nı son iki saatda təxminən bir mil şimal-qərbə aparmışdı. Günorta ikidə isə “Viktoriya” artıq sahildən üç yüz əlli mil uzaqda olan Kazeh[23 - Kazeh – Tanzaniyada yerləşən və indiki adı Tabora olan şəhər] üzərində idi.
– Zənzibardan səhər saat doqquzda havaya qalxmışıq, – doktor Fergüson öz qeydlərinə baxıb dedi, – iki gündə beş yüz coğrafi mil[24 - Coğrafi mil – 1855 metrə bərabər uzunluq vahidi]

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/zhul-vern/bes-h-ft-hava-sarinda-68289916/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes
Примечания

1
Herbari – qurudulmuş bitkilər kolleksiyası

2
Berinq boğazı Şimal Buzlu okeanında yerləşən Çukot dənizi ilə Sakit okeanın şimalındakı Berinq dənizini bir-birinə bağlayır, Farvel burnu isə Qrenlandiyanın ucqar nöqtəsində yerləşib, eyni zamanda, hündürlüyü 800 metrə çatan zirvədir (red.).

3
Riçard Burton (1821–1890) – ingilis səyyah, yazıçı, etnoqraf

4
Con Henninq Spik (1827–1864) – ingilis səyyah, tədqiqatçı. 1858-ci ildə Viktoriya gölünü və Nilin mənbəyini tapıb.

5
Zənzibar – Afrikanın şərq sahilləri ilə uzanan Hind okeanında 75 adadan ibarət arxipelaq

6
Passat – tropiklər arasında bütün il ərzində əsən külək. Passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-şərqə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır.

7
Ukereve gölü – Şərqi Afrikada göl, indiki Viktoriya gölü

8
Qondokoro – İsmaliyə adı ilə də tanınır. Nilin qolu olan Ağ Nilin şərq sahilində ticarət məntəqəsi olub. Sudanın paytaxtı Xartum şəhərindən 1200 km cənubda yerləşir.

9
Ballast – tarazılığı saxlamaq üçün əlavə yük və ya ağırlıq

10
Sekstant – iki obyekt arasındakı bucağı ölçmək üçün istifadə olunan optik alət (red.)

11
Xronometr – astronomların, geodeziyaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq saat növü (red.)

12
Mil – 1,6 km-ə bərabər uzunluq ölçüsü

13
Sen-Lui – Afrikanın qərbində yerləşən Seneqalın şimalında əyalət və həmin bölgənin eyni adlı inzibati mərkəzi (red.)

14
Miçman – bəzi hərbi dəniz donanmalarının starşina (serjanta bərabər rütbə) heyətində ən böyük ad, habelə bu cür adı olan şəxs (red.)

15
Keyptaun – Afrikanın cənubunda yerləşən Cənubi Afrika Respublikasında şəhər, eyni zamanda, bu ölkənin qanunverici paytaxtı (red.)

16
Kitrə – ağacların qabığından sızan sarı-qırmızımtıl maddə

17
Uqoqo – Afrikanın şərqindəki alman torpaqlarında ölkə

18
Aeronavt – uçucu aparatlarda havaya uçan adam (red.)

19
Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi (red.)

20
Viktoriya – latınca söz. “Qələbə”, "qalib" mənalarında işlənir (red.).

21
Qamak – torlu asma yataq (red.)

22
Sikomor – firon ənciri, tutkimilər fəsiləsindən bitki növü

23
Kazeh – Tanzaniyada yerləşən və indiki adı Tabora olan şəhər

24
Coğrafi mil – 1855 metrə bərabər uzunluq vahidi
Beş həftə hava şarında Жюль Верн
Beş həftə hava şarında

Жюль Верн

Тип: электронная книга

Жанр: Научная фантастика

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Beş həftə hava şarında, электронная книга автора Жюль Верн на азербайджанском языке, в жанре научная фантастика

  • Добавить отзыв