Kraliçanın boyunbağısı

Kraliçanın boyunbağısı
Aleksandr Düma


Dünya ədəbiyyatından seçmələr
Bu roman maraqlı süjetə malikdir: Fransa kralı XVI Lüdovikin kraliça üçün sifariş etdiyi bahalı boyunbağı saray daxilindəki ziddiyyətlər fonunda ağlasığmaz əhvalatların baş verməsinə gətirib çıxarır…





Aleksandr Düma

Kraliçanın boyunbağısı



© ALTUN KİTAB MMC – 2022




I HİSSƏ





İki naməlum qadın


1784-cü ilin şaxtalı qışı Fransanın bir hissəsini öz cənginə almışdı. Təkcə elə Parisdə üç yüz min zavallı soyuqdan və aclıqdan əziyyət çəkirdi.

Kral xəzinənin bütün pulunu bu adamların vəziyyətini yüngülləşdirməyə xərclədi. Kraliça isə qənaət edib yığdığı puldan beş yüz luidor[1 - Luidor – Fransada qızıl sikkə (6-7 qramlıq təmiz qızıl)] ianə verdi. Monastırları, xəstəxanaları, ictimai binaları sığınacağa çevirdilər.

Ancaq hava düzəlmək bilmirdi. Tezliklə qar yığınları yolları, keçidləri bağladı. Paris qara təslim olub qışla mübarizəni dayandırdı…

Martın sonlarında havalar, nəhayət, mülayimləşdi. Ancaq gecələr yer donduğundan küçələrdə şütüyən karet və kabrioletlər[2 - Kabriolet – biratlı, sürətli, ikitəkərli, yüngül araba] yanlarından keçən piyadaların üstünə sürüşür, onların qəniminə çevrilirdi…

Belə günlərin birində Parisə bir kirşə[3 - Kirşə – altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası] girdi. Kirşədə iki qadın oturmuşdu. Xəz kürkə bərk-bərk büründüklərindən üzlərini görmək mümkün deyildi. Onlardan daha qədd-qamətli olan qadın pambıq yaylığı dodaqlarına sıxaraq üzünə çırpan küləyə fikir vermədən başını dik tutmuşdu.

Sent-Krua-d’Anten kilsəsində saat beşi vurdu və Parisə qaranlıq çökməyə başladı. Bu vaxt kirşə şəhərin qədim Sen-Deni darvazasının yaxınlığında idi. Yaylığı dodağına sıxan qadın barmağını faytonçunun çiyninə toxundurdu.

Kirşə dayandı.

– Veber! – qadın dilləndi. – Kabrioleti siz tanıdığınız yerə gətirərsiniz. Küçələrin halını görürsünüz. Hər yan palçıqdır. Kirşə ilə qayıtmaq çətin olar.

Bundan sonra qadın kirşədən hoppandı və rəfiqəsinin əlindən tutub uzaqlaşdı…




Malikanə


Bulvarın tinində öz əzəməti ilə seçilən binada bir vaxtlar görkəmli fizik Cüzeppe Balzamo yaşamışdı. Binanın bir hissəsindəki yanğından sonra Balzamo yoxa çıxmış, malikanədə isə təmir işləri aparılmamışdı.

İndi gəlin, kiçik bağa bitişik olan, hasara alınmış hündür binanın qapısını döyək. Divara söykənmiş pilləkən sonuncu – altıncı mərtəbəyə qalxır.

Qapı açıqdır. Boş, qaranlıq otağa daxil oluruq. Pəncərənin pərdəsi salınıb. Bu otaq dəhliz rolunu oynayır, oradan ikinci otağa qapı açılır. Döşəməyə parket əvəzinə taxta vurulub. Üç kresloya sarı məxmərdən üz çəkilib. Köhnə taxtın yastıqları qırışıb. Oturan olanda kreslolar etiraz eləyirlərmiş kimi cırıldayır.

Divardan isə iki portret asılıb. Birinci portret Fransa və Polşa kralı III Henrixi xatırladır. Hə, özüdür ki var: portretin qızıl suyuna çəkilmiş çərçivəsinə qara hərflərlə yazılıb: Henrix de Valua. Digər portretdə isə qaragözlü, balaca burunlu gənc qadın təsvir olunub. Bu portretin altında qara hərflərlə yazılıb: Janna de Valua.

Portretlərin bu evdə nə işi var? Suala cavab tapmaq üçün palıd ağacından düzəldilmiş stola tərəf baxsanız kifayətdir: orada sadə geyimli bir qadın dayanıb və köhnə məktublara baxır. Həmin qadın Janna de Lamott de Valuanın özüdür. Ondan üç addım aralıda isə altmış yaşlarında Klotilda adlı qulluqçu qarı durub.

Birdən qadın əlini saxladı və qulluqçu qarıya dedi:

– Zəng çalınır!

Qarı dəhlizə yüyürdü, onun xanımı isə kədərli görkəm alıb taxtda oturdu. Çox keçmədi ki, dəhlizdən səs eşidildi. Kimsə nəzakətlə soruşdu:

– Xanım de Lamott burada yaşayır?

– Bəli, xanım. Qrafinyaya kimin gəldiyini deməyimi əmr edirsiniz? – Klotilda da eyni nəzakətlə xəbər aldı.

– Deyin ki, xanımlar xeyriyyə cəmiyyətindən gəlib, – qadınlardan yaşca böyüyü bildirdi.

– Parisdən?

– Parisdən, özü də Versaldan, hökmdar sarayından.

Bu cavabdan sonra yad qadınlar Klotildanın arxasınca işıqlı otağa girdilər. Janna de Valua kreslodan çətinliklə qalxıb hər iki qonağı hörmətlə salamladı.




Janna de Lamott de Valua


Janna de Lamott kimlərlə görüşdüyünü təxmini bilmək üçün onları gözaltı süzdü. Qadınlardan böyüyünün otuz iki yaşı olardı. O, çox gözəl idi, ancaq üzündəki təkəbbürlü ifadə bu gözəlliyə, az da olsa, xələl gətirirdi. Ümumi görkəmi onun adlı-sanlı nəsildən olduğunu göstərirdi.

Xanımın yol yoldaşı ondan dörd-beş yaş kiçik olardı və öz gözəlliyini hər vəchlə nəzərə çarpdırmağa çalışırdı.

Janna de Valua hansı xoşbəxt təsadüfün onları buraya gətirdiyi ilə maraqlandı.

Qadınlar bir-birinə baxdılar.

– Xanım! – yaşca kiçik olan sözə başladı. – Siz evlisiniz, elə deyilmi?

– Mən nəcabətli zadəgan qraf de Lamottun arvadıyam.

– Biz isə bir xeyriyyə təşkilatını himayə eləyirik. Vəziyyətiniz haqqında bizə danışıblar. Bəzi məlumatlar bizə maraqlı gəldiyindən sizi daha yaxından tanımaq istədik.

– Xanım! Sizin qarşınızdakı III Henrixin portretidir. O, ulu babamın əmisidir. Mənim damarlarımda Valua sülaləsinin qanı axır.

– Xanım, – yaşca böyük olan qadın məlahətli səslə dedi, – ananızın qapıçı olduğu doğrudurmu?

Janna qızardı:

– Doğrudur, xanım. Anam Mari Josel öz gözəlliyi ilə seçilirdi. Atam onu sevib. Mən atam tərəfdən əsilzadə nəslindənəm. Atam Sen-Remi de Valua krallar sülaləsindəndir.

– Bəs necə oldu ki, siz belə kasıbladınız?

– Sizə məlumdur ki, hakimiyyət Valua sülaləsindən sonra Burbonlara keçdi. Həmin vaxtdan etibarən Valua ailəsinə mənsub olanlar qorxudan soyadlarını dəyişməli olub. İllər keçdi və babam öz məşhur soyadını qaytarmaq qərarına gəldi. Beləliklə, yenidən Valua soyadı ilə öz əyalətinin ucqarında kasıbçılığını eləməyə başladı. Fransa sarayında isə heç kimin ağlına gəlmirdi ki, taxt-tacın cah-calalından uzaqda kral nəslindən olan biri acınacaqlı həyat sürür.

Janna sözünü bitirib susdu.

– Atanız rəhmətə gedib? – yaşı digərindən az olan qadın soruşdu.

– Bəli, xanım. III Henrixin nəticəsi olan atam baron de Valua paytaxtda, Parisdə aclıqdan və kasıbçılıqdan ölüb.

– Ola bilməz! – hər iki qadın heyrətlə qışqırdı.

– O heç də burada, – Janna sözünə davam etdi, – bu kasıb mənzildə, öz yatağında ölməyib. Mənim atam Parisin mərkəzi xəstəxanasında ölüb.

Qadınlar heyrətdən donub qaldılar.

– Atamın öz tayı ilə evlənmədiyini, yəqin ki, bilirsiniz, – Janna yenidən dilləndi.

– Bəli, qapıçı qadınla evlənmişdi.

– Həmin qadın bununla fəxr eləmək, atama minnətdar olmaq əvəzinə onu var-yoxdan çıxarıb. Anamın bitməyən tələblərini yerinə yetirmək üçün atam hətta sonuncu torpaq parçasını da satmağa məcbur olub. Sonra anam israr edib ki, o, Parisə gedərək kral nəslinin nümayəndəsi kimi özünün bəzi hüquqlarını geri alsın. Atam, görünür, kralın ədalətinə bel bağlayırdı. Odur ki olan-qalanı pula çevirib Parisə yollandı. Onun məndən başqa bir oğlu və bir qızı da var. Qardaşım orduda başını girləyir. Zavallı bacım isə atamın Parisə getdiyi ərəfədə bir fermerə övladlıq verilib. Onun sonrakı taleyindən xəbərsizik… Atamın səfəri onunla nəticələndi ki, olan-qalan pulumuz da bitdi. Atam boş yerə hamıya ağız açmaqdan bezmişdi. Biz onu evdə az-az görürdük. O, evdə olmayanda anam acığını məndən çıxırdı. Sonra atam xəstələnib yatağa düşdü. Atama dinclik lazım olduğunu bəhanə eləyib məni onun otağına qoymurdular. Hətta anam şillə-şapalaqla mənə təhqiredici bir cümlə də öyrətmişdi. Əgər döyülmək istəmirdimsə, küçəyə çıxıb ilk rast gəldiyim adama həmin cümləni deməliydim.

– O nə cümlə idi elə? – yaşca böyük qadın soruşdu.

– “Henrix Valuanın nəslindən olan yetimə rəhm edin”.

– Rəzalətə bir bax!

– Bu sözlərin bir təsiri olurdumu? – yaşca kiçik qadın soruşdu.

– Anamın ümid elədiyi kimi evə bir az pul gətirirdim. Bu da imkan verirdi ki, atamın dəhşətli sonluğunu bir neçə gün yubadaq.

Yaşca böyük qadının sifəti tutuldu, o biri qadının isə gözləri yaşardı.

– Bu iyrənc peşə atamın vəziyyətini bir az yüngülləşdirirdi, lakin axırda dözməyib özümdən çıxdım. İmdad diləmək üçün yoldan keçənlərin dalınca qaçmaqdansa, bütün günü küçədə oturdum. Axşam isə evə boş əllə qayıtdım. Anam məni elə döydü ki, səhəri gün xəstələndim. Heç bir kömək almayan atam isə xəstəxanaya düşüb orada da vəfat etdi.

– Dəhşətdir! – hər iki qadın pıçıldadı.

– Bəs atanız öləndən sonra nə elədiniz? – yaşca kiçik qadın soruşdu.

– Allahın mənə yazığı gəldi. Atam öləndən bir ay sonra anam qardaşımla məni atıb bir əsgərə qoşularaq qaçdı.

– Siz isə yetim qaldınız?

– Əslində, biz yetim deyildik. Bizim himayədarımız var idi. Belə ki, bir dəfə küçədə bir karetlə qarşılaşdım. Karetdə gənc, gözəl qadın oturmuşdu. Ona əl açdım. O isə məni sorğu-suala tutdu. Cavabım onu heyrətləndirdi. Yalan danışmadığıma əmin olandan sonra qardaşımla məni öz yanına apardı. Qardaşımı orduya, məni də toxuculuq emalatxanasına verdi. Beləcə, ikimiz də aclıqdan xilas olduq.

– Həmin xanım de Bulenvil idi?

– Elədir.

– Deyəsən, ölüb?

– Bəli, onun ölümündən sonra yenidən səfalətə düçar oldum. Xanım de Bulenvilin məni ərə verdiyi cəsur hərbçi cənab de Lamott tərslikdən həmin vaxt buralarda yox idi. Ona görə xanım de Bulenvilin vəfatından sonra tamam tək qaldım. Bax mənim tarixçəm belədir.

Xanım de Lamottun bu sözlərindən sonra ortaya sükut çökdü.

– Bəs əriniz indi nə ilə məşğuldur? – yaşca böyük olan qadın soruşdu.

– Ərim Bar-sür-Ob qarnizonunda xidmət edir. O da mənim kimi nə vaxtsa taleyin üzünə gülməsini gözləyir.

– Yəqin, saraya ərizə ilə müraciət etmisiniz?

– Əlbəttə!

– Valua soyadı sarayda maraq oyatmaya bilməz.

– Onu bilmirəm, ancaq heç bir ərizəmə cavab almamışam.

– Bəs nazirləri, kralı, kraliçanı görmüsünüzmü?

– Heç kimlə görüşməmişəm. Bütün cəhdlərim boşa çıxıb, – xanım de Lamott cavab verdi.

– Siz axı həmişə əlinizi açıb yardım istəyəsi deyilsiniz!

– Yox, mən bunu tərgitmişəm. Di gəl, atam kimi acından da ölə bilmərəm.

– Sizin uşaqlarınız var?

– Yox, xanım.

– Sizdən bunu soruşduğuma görə inciməyin, ancaq məcburam. Bizə öz mənşəyinizi sübut edən sənəd göstərə bilərsinizmi?

Janna qalxıb şkafın siyirməsini çəkdi və oradan götürdüyü sənədləri qadına uzatdı. Qadın sənədləri diqqətlə nəzərdən keçirdi.

– Siz haqlısınız, – yaşca böyük olan qadın dilləndi, – bütün sənədlər qaydasındadır. Onları mütləq lazım olan yerə çatdırmağınızı məsləhət görürəm.

– Xanım, sizcə, mən nəsə ala bilərəm?

– Heç şübhəsiz ki, təqaüd ala bilərsiniz. Əriniz cənab de Lamottu isə hərbi xidmətdə irəli çəkərlər.

Qadın başlığı aşağı saldı. Onun hər hərəkətini həyəcanla izləyən xanım de Lamott qadının cibindən balaca bağlama çıxartdığını gördü. Xeyriyyə cəmiyyətindən olan qadın həmin bağlamanı paltar şkafının üstünə qoydu.

– Xeyriyyə cəmiyyəti məndən xahiş edib ki, bu kiçik yardımı sizə çatdırım, – o dedi.

Xanım de Lamott altdan-altdan bağlamaya nəzər saldı. Qonaqlar isə yerlərindən qalxıb qapıya tərəf getdilər.

– Mən sizinlə harada görüşüb minnətdarlıq eləyə bilərəm? – Janna de Valua soruşdu.

– Biz sizə xəbər verərik, – yaşca böyük qadın pilləkənləri düşə-düşə dedi.

Xanım de Valua bağlamanın içində nə olduğunu bilmək üçün tələsik otağa qayıtdı. Lakin ayağı nəyəsə ilişdi. Bu, qızılla naxışlanmış balaca, yastı qutu idi. Görünür, onu bayaq gedən qadınlardan biri salmışdı. Qrafinya təəccüblə qutunu açdı. Oradakı portretdən öz hökmlü görkəmi, gözəlliyi ilə insanı heyrətə salan bir qadın baxırdı. Alman saç düzümü, qəşəng boyunbağı portretə özünəməxsus xüsusiyyət verirdi. Qutunun dibindəki dəfnə çələnginin içində isə “M” və “T” hərfləri yazılmışdı. Xanım de Lamott portretdəki qadını yaşca böyük xanıma oxşatdı. Belə qərara gəldi ki, o həmin xanımın ya anası, ya da nənəsidir. Pəncərəyə qaçıb xanımları səsləmək istədi. Ancaq artıq gec idi. Onları aparan kabriolet sürətlə uzaqlaşmışdı.

Qrafinya qərara aldı ki, qutunu Versala göndərsin. Sonra paltar şkafının üstündəki bağlamanı götürdü.

– Luidorlar! Yüz luidor! – bağlamanı açan qrafinya qışqırdı. Onun gözləri acgözlüklə parıldayırdı. – Deməli, bu qadınlar belə varlıdırlar! Mən onları taparam!




Belus


Xanımları de Lamott qaldığı evə Veber adlı bir arabaçı gətirmişdi. Elə ki hər iki qadın evdən çıxıb yenidən kabrioletə yaxınlaşdılar, Veber onlardan indi haraya gedəcəklərini özünəməxsus ləhcə ilə soruşdu və Versal cavabını aldı. Bundan sonra o, atları tutdu ki, qadınlar kabrioletə qalxa bilsinlər.

Yaşca böyük qadın yol yoldaşından soruşdu:

– Andre, qrafinya sizə necə təsir bağışladı?

– Məncə, xanım de Lamott çox kasıb və bədbəxt qadındır.

– O sizin xoşunuza gəldimi?

– Onun üzündən nəsə bir hiyləgərlik oxunurdu, bu da mənim xoşuma gəlmədi.

– Siz hər şeyə şübhə eləyirsiniz, Andre. Sizin xoşunuza gəlmək üçün adam gərək kamillik mücəssəməsi olsun. Ancaq mən bu balaca qrafinyanı ürəyiaçıq qadın kimi tanıdım.

– Sizin xoşunuza gəlibsə, onun bəxti gətirib…

– Ehtiyatlı olun! – bu zaman o biri qadın gözlənilmədən qışqırdı. Kabriolet az qalmışdı küçənin tinindəki yükdaşıyanı vursun. Arxadan hirsli səslər, söyüşlər eşidildi. Arabaçı cəld başqa küçəyə buruldu. Yoldan keçənlər onları söyməyə davam etdi.

– Aha, kabriolet! Rədd olsun kabriolet!

Ətrafdakılar get-gedə daha yüksək səslə bağırırdılar. Kabrioletin qoşulduğu atlardan biri – Belus hürküb sürətini artırdı. Yoldan keçənlər pərən-pərən düşdülər.

Birinci maneəni keçən kabriolet ikincidə dayanmağa məcbur oldu.

– Bu qışqırıqlar bizə aiddir? – kabrioletdəki qadınlardan biri digərindən soruşdu.

– Qorxuram ki, elə olsun, – yol yoldaşı cavab verdi.

– Komissar! Komissar! – kimsə çığırdı.

Hər iki qadın heyrətlə ətrafa boylandı.

– Xanım, biz məhv olduq! – Andre yaşca böyük qadının qulağına pıçıldadı.

– Veber! – qadın alman dilində arabaçıya dedi. – Kömək edin, düşək.

Arabaçı əmri dərhal yerinə yetirdi. Qadınlar rahatca yerə hoppandılar. Bu zaman ətrafdakılar tökülüşüb kabrioleti qırmağa başladılar.

– Bunlar adam deyillər, vəhşidirlər! – qadın almanca deyinməyə davam etdi.

Həmin vaxt kiminsə nəzakətli səsi eşidildi:

– Onlar sizə haqlı olaraq qəzəblidirlər, xanım. Bu gündən etibarən Parisdə bahara qədər kabrioletlərin hərəkəti qadağan olunub. Çünki buzda-qarda yoldan keçənlər sürüşüb təkər altına düşə bilər.

Bu nəzakətli səsin haradan gəldiyini görmək üçün qadınlar ətrafa boylandılar. Nəhayət, gənc zabiti gördülər. O, ilk baxışdan qadınların xoşuna gəldi. Yaşca böyük olan xanım alman dilində tez-tələsik cavab verdi:

– Cənab, mənim bundan qətiyyən xəbərim yoxdur!

– Siz başqa yerdən gəlmisiniz, xanım? – gənc zabit soruşdu.








– Bəli, cənab! Deyin, mən nə etməliyəm? Onlar kabrioleti qırırlar!

– Qoy qırsınlar, xanım. Fürsətdən istifadə edin. Varlıların özlərini gözə soxması kasıb parislilərin xoşuna gəlmir. Bugünkü sərəncam əsasında sizi komissarlığa apara bilərlər.

– Of, belə şey ola bilməz! – yaşca kiçik qadın bərkdən dedi.

– Onda, – zabit güldü, – mən camaatın arasından yol açan kimi siz tez aradan çıxın.

– Əlinizi verin, cənab. Bizi meydandakı faytonlara qədər ötürün, – yaşca böyük qadın hökmlə dedi. Sonra isə arabaçıya üz tutdu. – Veber! Belusu şahə qaldır. Qoy camaat qorxub qaçsın!

– Birdən onlar kabrioleti qırdılar?

– Bacarırsansa, Belusu, ən başlıcası da özünü xilas et. Mənim yeganə tapşırığım budur.

Bir neçə dəqiqə sonra gənc zabit hər iki qadını faytonların müştəri gözlədiyi meydana çatdırdı.




Versala doğru


Gənc zabit meydandakı faytonçulardan birinə xanımları Versala aparmağı tapşırdı. Arabaçı pulu bəri başdan istədi. Ancaq nə qədər axtarsalar da, qadınlarda hətta bir su[4 - Su – Fransa krallığında pul vahidi] belə tapılmadı. Onlar arabaçıya girov olaraq nəsə qiymətli bir şey vermək qərarına gəldilər. Lakin zabit qadınları sıxıntıdan qurtarmaq üçün pul kisəsini açıb arabaçıya bir luidor uzatdı. Bundan sonra arabaçı qapını açdı və xanım onu müşayiət edən qadınla karetə mindi.

– Avara, – gənc hərbçi arabaçıya dedi, – xanımları istədikləri yerə çatdır. Özü də tez, fırıldaq-zad olmasın. Eşitdin?

Arabaçı qadınların xoşuna gəlməmişdi. Odur ki gənc zabitin onları tərk etmək fikrində olması hər ikisini qorxuya saldı.

– Xanım, – yaşca kiçik qadın pıçıltı ilə yol yoldaşına dedi, – o bizi tək qoymamalıdır…

– Niyə? Adını, ünvanını soruşarıq, sabah bir luidorunu yollayarıq.

– Mən bunu nəzərdə tutmurdum. Arabaçıdan gözüm su içmir…

– Haqlısınız, – yaşca böyük qadın onunla razılaşdı və zabitə səsləndi: – Cənab! Biz arabaçıdan qorxuruq. Nəsə yaxşı adama oxşamır.

– Nahaq yerə narahat olursunuz, – zabit dedi. – Karetin nömrəsini bilirəm. Sizi qane etməsə, mənə müraciət edərsiniz.

– Sizə? – Andre çaşıb fransızca dedi. – Necə müraciət edəcəyik ki, heç adınızı da bilmirik.

Gənc zabit duruxdu, sonra da heyrətlə dilləndi:

– Siz fransızca danışırsınız! Bir saatdır alman dilinin qol-qabırğasını sındırmaqla məşğulam! Xanım, bu heç də yaxşı iş deyil!

– Cənab, bizi bağışlayın, – o biri qadın yol yoldaşının köməyinə çatdı. – Parisdə çətin vəziyyətə düşdüyümüzü görürsünüz. Bizim haqqımızda pis fikirləşməyin. Əgər mümkünsə, köməyinizi bizdən əsirgəməyin. Yoxsa başqasından yardım istəmək məcburiyyətində qalacağıq.

– Xanım, mən sizin ixtiyarınızdayam! – yad qadının hökmlü və məlahətli səsi qarşısında təslim olan zabit cavab verdi.

– Onda, cənab, zəhmət olmasa, bizə qoşulun.

Zabit dinməzcə karetə oturub arabaçıya qışqırdı:

– Tərpən!

O, səliqə ilə surtukunun[5 - Surtuk – uzun ətəkli, yaxadan dizlərə doğru tək və ya cüt tərəfli düymələnən kişi üst geyimi. XVII əsrin sonlarında Avropada ortaya çıxmışdır.] ətəyini düzəldib iki qadınla üzbəüz bir küncdə özünə yer elədi.

Karet hərəkətə gəldi. Elə ki mənzil başına çatdılar, yaşca böyük qadın zabitə minnətdarlıq elədi:

– Sizin yardımınız sayəsində gəlib çata bildik. Bunu heç vaxt unutmayacağıq, cənab! Zəhmət olmasa, bizə adınızı deyin. Yoxsa, bir luidoru bizə bağışlamaq istəyirsiniz?

– Mən kral donanmasının zabiti qraf de Şarniyəm.

– Şarni! – yaşca böyük qadın təkrarladı. Sanki dedi: “Çox gözəl, mən bu adı unutmaram!”




Əmr


İki naməlum qadın saraya tərəf gedəndə Müqəddəs Lüdovik kilsəsi saatının səsi eşidildi.

– İlahi! Saat on ikiyə iyirmi dəqiqə qalıb! – hər iki qadın bərkdən dedi.

– Baxın, qapılar bağlıdır! – Andre əlavə etdi.

– Mən Loranı səsləyəcəyəm. O məni gözləməlidir. Gec gələcəyimi ona demişəm.

Andre qapıya yaxınlaşdı.

– Kimdir? – içəridən eşidilən səs onu qabaqladı.

– Bu, Loran deyil! – gənc qadın qorxu ilə dedi.

– Loran burada yoxdur! – həmin səs hökmlə cavab verdi.

– Kim olursunuzsa olun, açın qapını! – Andre is-rarla dedi.

– Açmıram! Mən əmr almışam!

– Axı biz əlahəzrətin məiyyətindən olan xanımlarıq! Biz sarayda yaşayırıq. İstəyirik öz evimizə qayıdaq.

– Mən isə, xanımlar, birinci bölüyün qapıçısıyam. Sizi içəri buraxa bilmərəm. Bu, kralın əmridir.

– Kralın? – qadınlar vahimə içində təkrar soruşdular. – Biz məhv olduq!

Andre, az qala, havalanmışdı.

– Xanım, – o dedi, – əgər bu qapı bağlıdırsa, deməli, bütün qapılar bağlıdır.

– Siz haqlısınız, Andre. Bu, kralın dəhşətli gedişidir!

Qadın son sözləri hədələyici nifrətlə dedi. Hər iki xanım divar boyu sıralanmış daş skamyalara oturdu.

– Sabah hamı biləcək. Mən biabır oldum. Mən məhv oldum! – yaşca böyük qadın məyus halda pıçıldadı. Sonra da əlavə etdi: – Burada qəsd var, Andre, biz isə həmin qəsdin qurbanlarıyıq.

Bu vaxt Versal körpüsündən addım səsləri eşidildi. Eyni vaxtda sadəlövh, şən bir gəncin səsi gəldi. O, qadınları görmədi və qapını döyərək səsləndi:

– Loran!

– Qardaş! – yaşca böyük qadın gəncə yaxınlaşıb onun çiyninə toxundu.

– Kraliça! – gənc bir addım geri sıçrayıb şlyapasını çıxardı.

– Axşamınız xeyir, qardaş.

– Axşamınız xeyir, bacı. Siz tək deyilsiniz?

– Yox, madmazel Andre de Taverne mənimlədir.

– A-a, lap yaxşı! Axşamınız xeyir, madmazel!

– Əlahəzrət! – Andre təzim edərək pıçıldadı.

– Xanım, siz gedirsiniz? – gənc soruşdu.

– Yox, yox! Biz qayıtmaq istəyirik.

– Məgər Loranı çağırmamısınız?

– Əlbəttə, çağırmışıq! Siz də çağırın, özünüz görəcəksiniz.

Bundan sonra həmin gənc – qraf d’Artua[6 - Kral XVI Lüdovikin qardaşı idi. Sonralar X Karl adı ilə taxta çıxmışdır.] da qapıya yaxınlaşdı.

– Loran!

– Gözəl! Zarafat təzədən başlayır! – qapıçının səsi eşidildi. – Xəbərdarlıq edirəm, məni yenə incitsəniz, indicə zabiti çağıracağam!

– Bu nə deməkdir? – gənc dilxor halda kraliçadan soruşdu.

– O deməkdir ki, Loranı başqa biri ilə əvəzləyiblər.

Gənc şahzadə şpaqanın[7 - Şpaqa – qılınc növü] dəstəyi ilə yenə qapını döyüb Loranı çağırdı. Hirslənmiş qapıçı qışqırdı:

– İndi zabiti çağıracağam!

– Lənət şeytana! Çağır, avara, iyirmi dəqiqədir mən də bunu istəyirəm!

Bir az sonra qapının arxasından addım səsləri eşidildi. Qapıçı hay-küyün səbəbini ona izah elədi.

– Cənab leytenant, bu adamlar içəriyə soxulmaq istəyirlər.

– Bunda qəribə nə var ki? – qraf d’Artua söyləndi. – Biz axı sarayda yaşayırıq.

– Doğrudur. Lakin saraya daxil olmağınız qadağan edilib. Kralın əmri belədir. Hətta axşam saat on birdən sonra özü də gəlsə, qapını açmamağı tapşırıb. Ona görə məni bağışlayın.

Leytenant sözünü deyib qapıdan uzaqlaşdı.

– Biz məhv olduq! – kraliça qaynının əlindən tutaraq dedi.

– Sizin getdiyinizdən kiminsə xəbəri var idi? – qraf soruşdu.

– Bilmirəm! Ancaq kralın ətrafında düşmənimin olduğu mənə məlumdur. Mən onu yaxşı tanıyıram!

– Bəli, bacı, kralın ətrafında düşməniniz var…

– Kimi nəzərdə tutursunuz?

– Lənət şeytana! Əlahəzrət Provans qrafını[8 - XVI Lüdovikin qardaşı. Sonralar XVIII Lüdovik adı ilə taxta çıxmışdır.]!

– Ah, demək, onun düşmənim olduğu fikri ilə razılaşırsınız?

– O, gözəl olan hər şeyin düşmənidir… Buradan gedək, yoxsa soyuqdan donacağıq.

– Haraya gedək?

– Hər halda, isti olan yerə. Yolda qapının bağlanması haqqında nə düşündüyümü sizə söyləyərəm.

Beləliklə, onların hər üçü yola düzəldi. Qraf d’Artua sözə başladı:

– Bu gün axşam Provans qrafı kralın yanında şam elədi. Mən də orada idim. Parisə getdiyinizdən də xəbərim vardı. Söhbət zamanı Provans qrafı qəfildən krala dedi ki, kraliçaya öz salamını çatdırmaq istəyir. Kral isə cavab verdi ki, kraliça otağında şam eləyir. Qraf dedi: “Ah, bəs belə, mən isə onun Parisdə olduğunu düşünürdüm”. Kral sakitcə etiraz elədi: “Yox, öz otağındadır”. Provans qrafı sözündən dönmədi: “İndicə oradan gəlirəm. Məni hətta içəri buraxmadılar”. Bu vaxt kral qaşlarını çatdı. Biz gedəndən sonra isə, yəqin, qardaşım sizi görmək istəyib. Yanınıza buraxılmayandan sonra da, görünür, nədənsə şübhələnib. Əmr verib ki, qapıları bağlasınlar.

– Qraf, razılaşın ki, bu, çox pis hərəkətdir, – kraliça dedi.

– Razılaşıram… Hə, gəlib çatdıq. Bu mənim xüsusi mənzilimdir. Buraya təkcə mən gələ bilərəm, həmişə də tək gəlirəm.

– Bəs biz saraya necə qayıdacağıq? – kraliça soruşdu.

– Kralın göstərişi gecə saraya daxil olmağı qadağan edir. Deməli, əmr səhər qüvvədən düşəcək. Saat altıda qapılar açılır. Odur ki saat altıya iyirmi dəqiqə qalmış buradan çıxın. Şkafda hər rəngdə bürüncək var. Öz yataq otağınıza gedib uzanın. Qalan şeylər barədə narahat olmayın.




Kraliçanın yataq otağı


Səhər yuxudan duran kimi XVI Lüdovik kraliçanın yataq otağının qapısını döydü. Qulluqçu qapını aralayıb kralı tanıdı.

– Kraliça otağındadır? – XVI Lüdovik soruşdu.

– Əlahəzrət yatır, hökmdar.

Kral dəhlizdən adlayıb qapının qızıl suyuna çəkilmiş yumru dəstəyini burdu. İti addımlarla çarpayıya yaxınlaşdı.

– Ah, bu sizsiniz, hökmdar! – Mariya Antuanetta yerində dikələrək dedi.

– Sabahınız xeyir, xanım! – kral istehza ilə gülüm-sədi.

– Gün haradan doğub belə, hökmdar?

– Möhkəm yatırsınız, xanım, – kral çarpayının yanında oturub yataq otağına göz gəzdirdi.

– Elədir, kral, siz oyatmasaydınız, hələ yatacaqdım.

– Qardaşımı qəbul etməməyinizi nə ilə izah etmək olar, xanım? Sizinlə görüşmək istəyib. Deyiblər, evdə yoxsunuz.

– Ona elə deyiblər? – kraliça saymazyana soruşdu. – Əslində, doğrudur. Mən saraya səhər saat altıda qayıtmışam.

– Xanım!

– Əlahəzrət qraf d’Artua öz xüsusi mənzilində mənə sığınacaq verməsəydi, bütün gecəni dilənçi kimi qapının arxasında qalacaqdım. Hökmdar, mənim saraya nə vaxt qayıtdığımı bilməyiniz üçün qapını bağlatdırmağa ehtiyac yoxdur. Gəlib məndən soruşmağınız kifayətdir. Güman edirəm, sizin hərəkətiniz utancvericidir və krala yaraşmır.

– Mənim səmimiyyətimi, – kral peşmançılıq duyulan səslə danışmağa başladı, – hətta yeri gələndə səhvlərimi rahatca etiraf etdiyimi bilirsiniz.

– Mən dünən, madmazel de Taverne ilə birlikdə, Fransa krallarından birinin nəslindən olan insanın acından necə öldüyünü şəxsən görməyə getmişdim. Mən kralın diqqətsizliyinin qurbanı olan və səfil həyatı yaşayan qadını gördüm, üstəlik, ona yüz luidor verdim. Güman edirəm ki, Valua adı sizə çox şey deyir, hökmdar.

– Kimdən danışdığınızı bilirəm, – XVI Lüdovik bərkdən güldü. – Söhbət qrafinya de…

– Düz tapmısınız. Söhbət qrafinya de Valua de Lamottdan gedir.

– Tamamilə doğrudur. Onun əri jandarmdır?

– Bəli, hökmdar.

– Bu qadın yeri-göyü bir-birinə qatıb. Nazirləri əldən salıb, xalalarıma dinclik vermir, öz ərizələri ilə məni də bezdirib.

– Ancaq bu qadın Valualardandır. Elədir?

– Əminəm ki, elədir.

– Onda ona yaxşı təqaüd kəsin! Ərini polka keçirin! Onları kral nəslinə layiq yaşayışla təmin edin!

– Dayanın! Necə də tələsirsiniz! Körpə Valua sizin yardımınız olmadan da mənim tüklərimi yolur. Rəhm edin, körpə Valuanın dimdiyi kifayət qədər möhkəmdir!

– Hökmdar, axı Valua nəslindən olan biri acından ölə bilməz! Ona ömürlük təqaüd kəsin.

– Əsla! Onlar gəmiricilər fəsiləsindəndir. Doğrusu, Valua haqqında mənə məlum olanları sizə danışa bilmərəm. Əziz Antuanetta, sizin xeyirxah ürəyiniz tələyə düşüb.

Lüdovik bunu deyib əlini kraliçaya uzatdı. Antuanetta onun əlini qeyri-ixtiyari olaraq dodağına apardı. Ancaq qəfil də geri itələdi.

– Mən sizə çox hirsliyəm! Siz mənim üzümə Versalın qapılarını bağlatdırmısınız! Səhər saat yeddinin yarısından isə qapımı kəsdirmisiniz!

Kral güldü.

– Lakin mən sizə hirslənmirəm. Heç buraya gələndə də sizə hirsli deyildim. Hətta sübutum da var.

Kral belə dedikdən sonra cibindən bir qutu çıxartdı. Kraliça qutunu açıb məftunluqla dedi:

– Necə gözəldir! İlahi, necə gözəldir!

O, təmiz, iri brilyantlar düzülmüş boyunbağını əlinə götürdü. Boyunbağı kraliçanın gözəl əllərində bərq vururdu.








– Sübutum xoşunuza gəldimi? – kral soruşdu.

– Mən heyranam, hökmdar! Siz məni xoşbəxt etdiniz!

– Doğrudan?

– Bu brilyantları seçən və boyunbağını düzəldən zərgər əsl sənətkardır!

– Onlar iki nəfərdir.

– Onda mərc gələrəm ki, söhbət Bemerlə Bosanjdan gedir.

– Düz tapmısınız!

– Necə də qəşəngdir, hökmdar, necə də qəşəngdir!

Birdən kraliçanın sifəti tutuldu. Bu o qədər ani oldu ki, kral dəyişikliyi sezmədi.

– İcazə verin, boyunbağını boynunuza taxım, – kral dedi.

– Bu boyunbağı çox bahalıdır. Odur ki onu nə siz, nə bir başqası mənim boynumda görməyəcək.

– Onu taxmayacaqsınız?

– Nə qədər ki kralın sandıqları boşdur, kasıblara verməyə pulu yoxdur, onu taxmaqdan imtina eləyirəm.

– Necə? Siz bunu ciddi deyirsiniz?

– Mən bilirəm ki, milyon yarım livrə hərbi gəmi almaq olar. Düzünü desək, Fransa kralına belə bir gəmi daha çox lazımdır, nəinki Fransa kraliçasına boyunbağı.

– O-o! – kral göz yaşları içində qışqırdı. – Sizin hərəkətiniz heç nə ilə müqayisəyə gəlməz! Sağ olun, sağ olun! Antuanetta, siz çox qəribə qadınsınız.

– Hökmdar! Mən boyunbağı yox, başqa bir şey istəyirəm.

– Xahişiniz nədir?

– Bir də Parisə getməyimə icazə verin.

– Bu asandır, ən başlıcası da baha deyil.

– Tələsməyin, tələsməyin! Mən Vandom meydanına getmək istəyirəm.

– Lənət şeytana!

– Cənab Mesmerlə[9 - Frans Anton Mesmer (1734–1815) – alman həkim və şəfaverici, “heyvani maqnetizm”in yaradıcısı] görüşmək arzusundayam.

Kral qulağını qaşıdı.

– Siz milyon yarım qiymətində hədiyyədən imtina elədiniz. Sizə bu şıltaqlığı etməyə icazə verə bilərəm. Ancaq bir şərtlə…

– Hansı şərtlə?

– Sizi şahzadə xanım müşayiət etməlidir.

Kraliça fikrə getdi.

– Xanım de Lambal sizi razı salırmı? – o dedi.

– Olsun. Mən isə dərhal əmr verəcəyəm, hərbi gəmi inşa etsinlər.

Kral, arvadının əlini öpüb sevincək halda onun yataq otağından çıxdı.




İsveçrəlilər gölü


Kral otaqdan çıxan kimi kraliça Andre de Taverneni yanına çağırtdırdı, sonra isə şaxtalı, təmiz səhər havasını udmaq üçün pəncərəyə yaxınlaşdı. Çox keçmədi ki, Andre içəri girdi.

– Hər şey yoluna qoyuldu, – kraliça dedi.

– O xəbər tutdu? – Andre soruşdu.

– Bilirsiniz, Andre, əgər günahın yoxdursa və sən Fransa kraliçasısansa, yalan danışmaq olmaz.

– Əlahəzrət doğru buyurur, – Andre qızararaq dedi.

– Sizin sevimli qardaşınız Filipin neçə yaşı var?

– Otuz iki.

– Onu elə indi görə bilərəm?

– Əlahəzrət icazə versə, iyirmi dəqiqə sonra sizin qulluğunuzda olacaq.

– Lap yaxşı. İcazə verirəm, hətta mən özüm də bunu istəyirəm.

Kraliça sözünü bitirməmiş qraf d’Artua gəlib çıxdı. Onlar mehribanlıqla salamlaşıb hal-əhval tutdular. Bir qədər sonra Filipin ardınca gedən Andre qayıdıb gəldi. O, qaragözlü, qəşəng bir zadəganın əlindən tutmuşdu.

– Əlahəzrət, bu mənim qardaşımdır.

Filip təzim etdi.

– Sizinlə görüşümüzdən gör nə qədər illər keçib, – kraliça dedi. – Əfsus, ömrün ən gözəl çağları…

– Mənim üçün hə, əlahəzrət üçün yox, çünki sizdən ötrü bütün günlər gözəldir.

– Yeni Dünya, görünür, sizin çox xoşunuza gəlib, cənab de Taverne. Çünki hamı qayıtdığı vaxt siz orada qalmışdınız.

– Əlahəzrət! – Filip cavab verdi. – Cənab de Lafayet Amerikanı tərk edəndə ona köməkçi ordunun komandanlığını qismən etibar eləyə biləcəyi zabit lazım idi. Cənab de Lafayet məni general Vaşinqtona tövsiyə etdi. O da məni xidmətə götürdü.

– Baxın, – kraliça qraf d’Artuaya tərəf döndü, – cənab de Tavernenin necə qəşəng sifəti və döyüşkən görkəmi var!

Filip bu dəfə qrafa doğru çevrilib təzim etdi.

– Cənab Filip de Taverne mən Fransaya gələrkən gördüyüm ilk fransızdır, – kraliça sözünə davam etdi. – Özümə söz vermişdim ki, qarşılaşdığım ilk fransızı xoşbəxt edəcəyəm.

Filip qızardığını hiss etdi. Soyuqqanlılığını qorumaq üçün isə dərhal dodağını dişlədi.

– Əla havadır! – kraliça sevinclə dedi. – Sabah buz əriyəcək. Kirşə isə mənə elə bu saat lazımdır.

– Əlahəzrət konki sürmək istəyir? – Filip soruşdu.

– Bəli, cənab de Taverne. Mən sizinlə ayrılmaq fikrində deyiləm. Qoluma girin.

Filip əmri yerinə yetirdi.

Kraliça pilləkənləri düşəndə meydanda təbillər, şeypurlar çalındı, silahlar cingildədi. Bütün bu təntənə görüşdən təsirlənmiş Filipin başını gicəlləndirdi.

Kraliça İsveçrəlilər gölündə görünərkən isə buz üstündə gəzənlər, sürüşənlər qışqırışdılar: “Yaşasın kraliça!” Bütün diqqət ona yönəldi. Ən zirək konkisürənlərin arasında xüsusi seçilən qraf d’Artua kraliçaya yaxınlaşıb soruşdu:

– Provans qrafının sizdən uzaq durduğunu sezdinizmi?

– Səbəb nədir?

– Məşhur sərkərdəmiz cənab de Süffrenin[10 - Süffren de Sen-Tropez (1729–1788) – görkəmli Fransa admiralı] bu axşam gələcəyini öyrənib. Sizin bundan xəbər tutmamağınızı istəyir.

– Cənab de Süffrenin gəlişindən xəbər tutmasam, qardaşımız nə udacaq?

– Cənab de Süffren Hindistandakı dəniz döyüşlərinin qəhrəmanıdır. Kral özü də bilmədən ona qarşı saymazyanalıq edir, siz də həmçinin. Cənab de Süffrenin gəlişindən məlumatlı olan Provans kralı isə dənizçini qarşılayır, üzünə gülümsəyir, ona xüsusi diqqət göstərir. Hindistan qəhrəmanının yan-yörəsində fırlanıb özü də Fransa qəhrəmanı olur. Provans qrafı, bir növ, mənim yolumla gedir. Axı mən də adamlara pul verib qardaşımın hərəkətlərindən, niyyətlərindən xəbər tuturam. Bunun mənə də faydası var, sizə də.

– Bu birliyə görə sağ olun. Bəs kralın məsələdən xəbəri varmı?

– Kral artıq xəbərdar edilib… Axşam görüşənə qədər!

– Axşam nə olacaq ki?

– Saray əhli kralın yanında ziyafətə toplaşacaq. Cənab de Süffren də oraya gətiriləcək.

– Çox gözəl. Deməli, axşama qədər!

Gənc şahzadə kraliçaya baş əyib camaata qarışdı.




De Süffren


De Süffrenin necə və saat neçədə gələcəyini XVI Lüdoviklə qraf d’Artuadan başqa heç kim bilmirdi.

Əyanlar kralın yanında yığışmışdılar. Hər kəs öz yerini tutanda qraf d’Artua asta addımlarla kraliçaya yaxınlaşdı.

– Bacı, ətrafınıza baxın, nə görürsünüz?

– Dost sifətlər görürəm, – kraliça dedi.

– Burada olanları demirəm, bacı, burada olmayanı deyirəm.

– Aydındır! – kraliçanın üzü güldü.

– Provans qrafı Fontenblo zastavasına göndərilib. Orada soyuqdan əsə-əsə kralın əyalət nümayəndəsini gözləyir. Kralın əmri ilə cənab de Süffren isə Parisə girmədən birbaşa Versala gələcək. Biz də onu burada gözləyirik.

– Əla düşünülüb!

– Elədir. Mən planımdan razıyam…

Saat səkkizə iyirmi dəqiqə qalanda ayaq səsləri eşidildi. Qəfil zala daxil olan marşal de Kastri ucadan dedi:

– Əlahəzrət! Tulondan gələn cənab de Süffreni qəbul etmək istərdinizmi?

Uca səslə elan edilmiş ad zalda hamını həyəcanlandırdı.

– Bəli, cənab, – kral cavab verdi, – böyük məmnuniyyətlə!

Süffren əlli altı yaşlarında kök, alçaqboylu, çəkisinə baxmayaraq zirək bir adam idi.

– Versala xoş gəlmisiniz! – kral onu gülərüzlə salamladı. – Bir qəhrəman kimi öz gəlişinizlə bizə şərəf verdiniz!

De Süffren ehtiram əlaməti olaraq kralın qarşısında diz çökdü. XVI Lüdovik onu ayağa qaldırıb elə hərarətlə qucaqladı ki, zaldakılar öz sevinclərini gizlədə bilmədilər.

– Cənab! – kraliça dilləndi. – Sizi layiqincə tərifləmək qüdrətində deyiləm. Ancaq bilin ki, Fransanın şərəfinə açdığınız hər yaylım atəşi ürəyimi riqqətə gətirirdi.

Bu zaman de Süffrenin əlindən tutan kral onu öz kabinetinə aparmaq istədi. Niyyəti admiralın dəniz səyahətləri barədə söhbətlərini dinləmək idi. Ancaq de Süffren ona ehtiramla müqavimət göstərərək dedi:

– Hökmdar, əgər mənə qarşı bu qədər mərhəmətlisinizsə, icazə verin…

– Məndən xahişinizmi var, cənab de Süffren? – kral soruşdu.

– Hökmdar, mənim zabitlərimdən biri intizamı elə pozub ki, yalnız siz bu məsələdə hakim ola bilərsiniz.

– Ah, cənab de Süffren, mən isə ümid edirdim ki, sizin ilk xahişiniz mərhəmət diləmək olacaq, kimisə cəzalandırmaq yox. Sizi eşidirəm.

– Haqqında danışdığım zabit son döyüşdə “Mətin” gəmisində olub.

– Bayrağını endirən gəmidə?! – kral üzünü turşutdu.

– Hökmdar! “Mətin”in kapitanı, doğrudan da, bayrağı endirib. İngilis admiralı hətta qayıq göndərib ki, öz qənimətinə sahiblənsin. Ancaq alt göyərtədən batareyanı müşahidə edən leytenant topların susduğunu eşidəndə dərhal yuxarı göyərtəyə qalxıb. Bayrağın endirildiyini görən kimi isə onun fransız qanı coşur. O, bayrağı yerindən asıb və atəşin davam etdirilməsinə göstəriş verib. Hökmdar, məhz bunun nəticəsində “Mətin” düşmənin əlinə keçməyib.

– Gözəl hərəkət edib! – kral dedi.

– Cəsarətli hərəkətdir! – kraliça əlavə etdi.

– Elədir. Ancaq bu, intizamın kobud surətdə pozulması deməkdir. Əmri kapitan vermişdi, leytenant onu yerinə yetirməyə borclu idi. Mən həmin zabitin bağışlanmasını istəyirəm, hökmdar. Üstəlik, o mənim bacım oğludur.

– Bağışlayıram, – kral səsləndi. – Cənab de Süffren, siz həmin zabiti mənə təqdim etməliydiniz.

– O, buradadır, – de Süffren başını yana çevirdi. – Cənab de Şarni, buraya gəlin.

Kraliça diksindi. Həmin ad ona lap yaxın günlərdə baş verənləri xatırlatdı.

Bu vaxt gənc zabit kralın qarşısında dayandı. Madmazel de Tavernenin rəngi ağardı və həyəcanla kraliçaya baxdı. De Şarni isə ətrafındakılara fikir vermədən təzim edib kralın əlini öpdü və sonra ciddi görkəmdə zabit dostlarının yanına qayıtdı. Zabitlər gənc dostlarını hay-küylə təbrik edib qucaqladılar.

Bir anlığa sükut çökdü. Bu səssizlikdə kraliçanın həyəcanı Filipin gözündən qaçmadı.




Cənab de Şarni


Kral cənab de Süffrenlə zaldan çıxan kimi şahzadə və şahzadə xanımlar kraliçanı dövrəyə aldılar. Andre ilə bir neçə dəfə baxışan kraliçanın isə həmin vaxt zərrə qədər şübhəsi qalmamışdı: “Bu həmin gəncdir”.

Filip kraliçanın narahatlığını hiss edir və bunun səbəbini tapmağa çalışırdı. Bu vaxt zala zabit və prelatların[11 - Prelat – katolik kilsəsində yüksək ruhani vəzifələrindən birinin adı] müşayiəti ilə kardinal[12 - Kardinal – katolik kilsəsində Roma papasından sonra ən yüksək dini rütbə] geyimində bir nəfər daxil oldu. Kraliça onu – Lui de Roanı tanıdı. Sonra isə de Roanın hər addımını izləyərək lap axırda da qaşqabaq tökdüyünü gizlətmədən üzünü yana çevirdi.

Kardinal heç kimlə görüşmədən adamların arasından keçib birbaşa kraliçaya tərəf gələrək təzim etdi. Bu, ortayaşlı və yaraşıqlı bir kişi idi. Qadınlar onu lütfkarlığına, şit zarafatlar etmədiyinə görə sevirdilər. De Roan həm də əliaçıqlığı ilə tanınırdı. Alimliyinə görə kralın kardinaldan xoşu gəlirdi; kraliça isə, əksinə, ona nifrət eləyirdi. Eyni zamanda, şahzadə olan Lui de Roan, üstəlik, sarayın baş ruhanisi idi.

Kardinal ondan aralanan kimi Mariya Antuanetta bir qədər sakitləşdi.

– Bilirsiniz, – şahzadə, xanım de Lambala müraciətlə dedi, – gənc zabitin hərəkəti bu müharibədə ən cəsur hərəkətlərdən biridir! Mən cənab de Şarnini görmək istəyirəm. Deyin, onu tapsınlar.

Cəmi bir dəqiqə sonra de Şarni artıq kraliçanın hüzurunda dayanmışdı. O, kraliçanı və madmazel de Taverneni tanıdığını biruzə vermədi. Bu cür nəzakətli davranış gənc zabiti kraliçanın gözündə daha da böyütdü.

– Hamı bilməlidir ki, – kraliça dedi, – cənab de Şarni ingilislərə qarşı nə qədər amansızdırsa, qadınlara qarşı da bir o qədər iltifatlıdır. Haqqında danışdıqları bir əhvalat onu mənim gözümdə daha da yüksəltdi.

Bundan sonra kraliça ad çəkmədən, öz başına gələn əhvalatı bir az da bəzəyərək əvvəldən axıra kimi danışdı…

– Ən maraqlısı da odur ki, – kraliça sözünə davam etdi, – cənab de Şarni xilas etdiyi qadınların hətta adını da öyrənməyə çalışmayıb.




Конец ознакомительного фрагмента.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/aleksandr-duma/kralicanin-boyunbagisi-68289910/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes


Примечания





1


Luidor – Fransada qızıl sikkə (6-7 qramlıq təmiz qızıl)




2


Kabriolet – biratlı, sürətli, ikitəkərli, yüngül araba




3


Kirşə – altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası




4


Su – Fransa krallığında pul vahidi




5


Surtuk – uzun ətəkli, yaxadan dizlərə doğru tək və ya cüt tərəfli düymələnən kişi üst geyimi. XVII əsrin sonlarında Avropada ortaya çıxmışdır.




6


Kral XVI Lüdovikin qardaşı idi. Sonralar X Karl adı ilə taxta çıxmışdır.




7


Şpaqa – qılınc növü




8


XVI Lüdovikin qardaşı. Sonralar XVIII Lüdovik adı ilə taxta çıxmışdır.




9


Frans Anton Mesmer (1734–1815) – alman həkim və şəfaverici, “heyvani maqnetizm”in yaradıcısı




10


Süffren de Sen-Tropez (1729–1788) – görkəmli Fransa admiralı




11


Prelat – katolik kilsəsində yüksək ruhani vəzifələrindən birinin adı




12


Kardinal – katolik kilsəsində Roma papasından sonra ən yüksək dini rütbə


Kraliçanın boyunbağısı Александр Дюма
Kraliçanın boyunbağısı

Александр Дюма

Тип: электронная книга

Жанр: Литература 19 века

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Kraliçanın boyunbağısı, электронная книга автора Александр Дюма на азербайджанском языке, в жанре литература 19 века

  • Добавить отзыв