Balaca lord
Frensis Eliza Börnet
Dünya ədəbiyyatından seçmələr
Atasını erkən itirən, anası ilə birgə yaşayan Sedrik bir gün gözlənilməz məktub alır: məlum olur ki, o, qraf olan ata babasının varisidir. Hər şey məhz bundan sonra başlayır…
Фрэнсис Элиза Бёрнетт
Balaca lord
© ALTUN KİTAB MMC – 2020
1
Sedrik atası haqqında heç nə bilmirdi. Onun yanında bu barədə danışmamışdılar. Sedrik bircə onu bilirdi ki, atası ingilis olub. Bunu ona anası demişdi.
Lap balaca olarkən vəfat etdiyindən Sedrik atası ilə bağlı, demək olar, heç nəyi xatırlamırdı. Təkcə o yadında idi ki, hündürboy adam idi, mavi gözləri, uzun bığları vardı. Hə, bir də, Sedriki çiyninə alıb otaqda gəzdirməkdən xoşu gələrdi.
Atasının ölümündən sonra Sedrik anladı ki, yaxşısı budur, anasından bu barədə heç nə soruşmasın. Hələ atası xəstələnərkən onu dostlarının evinə göndərmişdilər ki, bir müddət orada qalsın. Uşaq qayıdıb gələndə isə artıq hər şey bitmişdi; atası vəfat etmiş, üstəlik, anası xəstələnib yatağa düşmüşdü. İndi yenicə ayağa qalxmağa başlamışdı, pəncərənin qarşısındakı kresloda oturmuşdu. Üzünün rəngi qaçmış, arıqlamış, gözləri də sanki böyümüşdü. Baxışlarından kədər yağırdı. Əynində qara libas vardı.
– Əzizim, – Sedrik dedi (atası həmişə anasını belə çağırardı, oğlan da bu sözü ondan götürmüşdü), – atam sağaldı?
Anasının çiyinləri titrəməyə başladı. Üzündə elə ifadə var idi ki, Sedrik onun bu dəqiqə hönkürüb-ağlayacağını başa düşdü.
– Əzizim, – o bir də təkrarladı, – atam yaxşıdır?
Birdən hiss elədi ki, elə indicə onu möhkəm qucaqlayıb öpməli, yumşaq yanağını üzünə söykəməlidir. Belə də elədi. Anası başını onun çiyninə qoyub ucadan hönkürməyə başladı. Oğlanın əllərindən elə möhkəm yapışmışdı, sanki bir daha buraxmayacaqdı.
– Hə, oğlum, yaxşıdır, – qadın hıçqıra-hıçqıra dedi. – O, çox yaxşıdır! Bizimsə artıq bu dünyada bir-birimizdən başqa heç kimimiz qalmadı!
Bu sözlərdən sonra Sedrik nə qədər balaca olsa da, başa düşdü ki, o, ucaboy, cavan, yaraşıqlı adamı bir də heç vaxt görməyəcək; çünki atası ölüb. Hərçənd oğlan ölümün nə olduğunu tam dərk eləmirdi. Anasının niyə bu qədər kədərləndiyini da başa düşmürdü. Ancaq hər dəfə atasından söz düşəndə anası göz yaşlarını saxlaya bilmirdi. Ona görə də Sedrik qərara aldı ki, onunla bir daha bu barədə danışmasın.
Onların, demək olar, qohum-əqrəbaları yox idi, hamıdan ayrı yaşayırdılar. Sedrik həddi-büluğa çatana kimi bunun səbəbini öyrənə bilmədi. Məsələ burasında idi ki, Sedrikin anası yetim olub, atası onunla evlənəndə heç kimi yox imiş. O, varlı və yaşlı bir qadına baxırmış. Elə həmin qadının da evində yaşayırmış. Bir gün evə qonaq gələn kapitan Sedrik Errol (oğlana atasının adını vermişdilər) yaşlı qadının qızla necə pis rəftar elədiyini görür. Qız o qədər gözəl, zərif və kədərli imiş ki, kapitan onu unuda bilmir və çox keçmədən onlar evlənirlər. Ancaq bəzi adamlar belə bir izdivacdan narazı qalırlar. Bu xəbəri eşidən kapitanın yaşlı atası isə bərk qəzəblənir. O, İngiltərədə yaşayırdı, varlı-hallı zadəgan idi. Amerikaya da, amerikalılara da nifrət bəsləyirdi. Onun üç oğlu var idi. Qanunlara görə, ailənin sahib olduğu zadəgan titulu və mirasdan ən böyük pay böyük oğlana çatmalı idi. O, dünyadan köçəndə isə bütün bunlar sıra ilə ortancıl və kiçik qardaşına keçməli idi. Beləliklə, evin sonbeşiyi olan Sedrik mirasdan pay almaq üçün illərlə gözləməli idi. Lakin varlı ailədən çıxsa belə, onun mal-dövlətdə gözü yoxdu. Onsuz da təbiət Sedrikdən heç nəyi əsirgəməmişdi: boy-buxunlu, yaraşıqlı, ağıllı, cəsur, xeyirxah, ürəyigeniş adam idi. Ətrafındakı hər kəs onu çox sevirdi.
Sedrikin böyük qardaşlarında isə bu keyfiyyətlərin heç biri yox idi. Zahiri görünüşləri kimi xasiyyətləri də ürəkaçan deyildi. Üstəlik, qoca qrafı[1 - Qraf – Qərbi Avropada, həmçinin 1917-ci il inqilabına kimi Rusiyada mövcud olmuş zadəgan rütbəsi və bu rütbəni daşıyan şəxs] tez-tez məyus eləyirdilər. Onlar məktəbdə yaxşı oxumamışdılar, indi də düz-əməlli bir işin yiyəsi deyildilər. Qraf mirasından Sedrikə pay düşməməsinə təəssüflənirdi. Çünki o, kiçik oğlunu çox sevir, digər oğlanlarının onun qədər ağıllı və cəsur olmadıqlarına görə isə kədərlənirdi.
Günlərin bir günü qoca qraf kiçik oğlunu Amerikaya səyahətə göndərmək qərarına gəldi. Fikirləşdi ki, Sedrik gözünün qabağında olmasa, onu hər gün qardaşları ilə müqayisə eləyib əsəbiləşməz. Lakin üstündən yarım il keçəndən sonra qraf balaca oğlu üçün darıxmağa başladı. O, Sedrikə məktub yazıb evə qayıtmasını istədi. Həmin vaxt oğlan da atasına məktub göndərib kimsəsiz bir amerikalı xanıma aşiq olduğunu və onunla evlənmək istədiyini bildirdi. Qraf bu məktubu oxuyub cin atına mindi. Düz bir saat qəfəsə salınmış pələng kimi otaqda vurnuxandan sonra oturub oğluna növbəti məktubu yazdı. Məktubda deyilirdi ki, Sedrik bundan sonra bir də atasının gözünə görünməsin. Necə istəyirsə, elə də yaşaya bilər, ancaq İngiltərə torpağına bir də ayağı dəyməyəcək.
Qrafın kiçik oğlu bu məktubu oxuyub çox kədərləndi. Çünki İngiltərəni də, doğulduğu evi də, hətta sərt və inadcıl adam olan atasını da çox sevirdi. Lakin olan olmuşdu. Bununla belə, ruhdan düşmədi. Sevdiyi qızla ailə qurub həmişəlik Amerikada yaşamağa başladı. Onlar şəhərin kasıb məhəllələrinin birində ev almışdılar, övladları da elə həmin evdə dünyaya göz açmışdı. Uşaq həm anasına, həm də atasına oxşayırdı, hər ikisinin ən gözəl cəhətlərini götürmüşdü: qızılı rəngli qıvrım saçları, iri, ala gözləri, uzun kirpikləri vardı. Körpə doğulandan bəri bircə dəfə də xəstələnməmişdi. Elə sağlam və qıvraq uşaq idi ki, doqquz ayı tamam olan kimi yeriməyə başlamışdı. Onu uşaq arabasında gəzdirməyə çıxaranda yoldan keçənlərin heç biri bu sevimli balacaya biganə qala bilmir, yaxınlaşıb körpəni dindirir, başını sığallayırdılar. Uşaq da əvvəl iri, ala gözlərini qarşısındakı adama zilləyib diqqətlə baxır, sonra bir anda gülümsəyirdi.
Beləcə, balaca Sedrik yavaş-yavaş boy atmağa başladı. O, evdə heç vaxt kobud söz eşitməmişdi. Atasının həmişə anasına xoş kəlmələrlə səsləndiyini, nəvaziş göstərdiyini, qayğısına qaldığını görən uşaq da onun kimi rəftar eləməyə cəhd göstərirdi. Odur ki atasının bir daha geri qayıtmayacağını anlayanda və anasının buna görə nə qədər kədərləndiyini görəndə Sedrik onu az da olsa, sevindirməyə, üzünü güldürməyə çalışırdı. Anasının dizləri üstünə çıxıb oyuncaqlarını, şəkilli kitablarını ona göstərir, boynunu qucaqlayır, öpürdü.
Bir dəfə Sedrik anasının qulluqçu qadına dediyi sözləri eşitdi:
– Ah, Meri! Oğlum hələ çox balaca olsa da, mənim necə kədərləndiyimi görüb təsəlli verməyə çalışır. Bəzən gözlərini zilləyib elə məhəbbətlə mənə baxır ki! Bəzən də qəfil yaxınlaşıb məni qucaqlayır, boynuma sarılır. Özünü lap balaca kişi kimi aparır. Hərdən mənə elə gəlir ki, o hər şeyi başa düşür…
Sedrik oxumağı çox tez öyrəndi. Axşamlar o, buxarının qarşısındakı xalının üstünə uzanıb höccələyə-höccələyə anasına kitab, qəzet oxuyurdu. Həmin vaxt Meri oğluna qulaq asa-asa uğunub-gedən missis[2 - Missis – xanım; ailəli qadınlara müraciətlə işlənir.] Errolun gülüş səslərini mətbəxdən eşidirdi.
Meri bu uşağa çox bağlanmışdı. Qız bu evdə qulluq eləməyə başlayanda Sedrik yenicə doğulmuşdu. Kapitan Errol vəfat etdikdən sonra isə Meri evin bütün işini öz üzərinə götürmüşdü: həm qulluqçuluq, həm aşpazlıq, həm də oğlana dayəlik eləyirdi. Hətta missis Errol oğlu üçün paltar tikəndə ona köməklik göstərirdi.
– Bizim balaca Sedrik əsl zadəgandır! – Meri fəxrlə tanışlarına deyirdi. – Heç Beşinci avenyuda[3 - Beşinci avenyu – Nyu-York şəhərinin mərkəzi küçəsi; dünyanın ən bahalı küçələrindən biri hesab olunur.] da onun kimi qəşəng, ağıllı uşaq tapmaq olmaz! O, missis Errolun köhnə paltarından kəsib tikdiyimiz qara məxmər kostyumda elə gözəl görünür ki! Başını dik tutur, qıvrım saçları o tərəf-bu tərəfə burulur, qızılı telləri günəşin altında par-par parıldayır… Əsl balaca lorddur[4 - Lord – İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu daşıyan şəxs]!
Onda Sedrik hələ «lord» sözünün nə demək olduğunu bilmirdi.
Bu sevimli uşağın ən yaxın dostu isə döngədəki ərzaq dükanının sahibi qəzəbli baqqal idi. Hamının çəkindiyi bu yaşlı kişi Sedrikə bircə dəfə də olsun, hirslənməmişdi. Baqqalı cənab Hobbs deyə çağırırdılar. Sedrik fikirləşirdi ki, cənab Hobbs çox varlı adamdır. Axı onun dükanında qutu-qutu şokolad, peçenye və başqa dadlı şirniyyatlar olurdu. Üstəlik, cənab Hobbsun at arabası da vardı. Sedrik qoca baqqalı çox istəyirdi, hər gün onun dükanına baş çəkirdi. Baqqal həvəslə bu balaca uşaqla söhbət eləyirdi. Onlar çox şeydən danışır, xüsusən də siyasi hadisələri müzakirə eləyirdilər. Cənab Hobbs uşaqda siyasətə böyük maraq yaratmışdı. Baqqal çox qəzet oxuyurdu, onun sayəsində Sedrik ölkədə baş verən bütün hadisələrdən xəbərdar idi.
Bir dəfə prezident seçkisindən sonra cənab Hobbs Sedriki çiyninə alıb şəhər meydanındakı atəşfəşanlığa tamaşa eləməyə aparmışdı. Həmin gecə əllərində məşəl tutmuş şəhər sakinləri fənər dirəyinin yanında dayanmış bu kök kişinin çiyinləri üstünə qaldırdığı uşağın qəşəng çöhrəsini uzun müddət yaddan çıxara bilmədilər.
Seçkidən sonra (onda artıq Sedrikin yeddi yaşı tamam olmuşdu) qəribə hadisə baş verdi. Həmin gün oğlan yenə baqqalın dükanında idi. Əlində İngiltərədə dərc olunmuş şəkilli qəzet tutan cənab Hobbs isə zadəganların qarasınca deyinirdi:
– Bir gün gələcək, xalq bütün bu qrafları, markizləri[5 - Markiz – Fransada, İngiltərədə, İtaliyada və İspaniyada zadəgan rütbəsi, habelə belə rütbəsi olan şəxs] devirəcək!
Sedrik hündür kətilin üstündə oturub ona qulaq asırdı.
– Cənab Hobbs, siz həyatınızda çox qraf, markiz görmüsünüz? – o, maraqla baqqaldan soruşdu.
– Yox, tanrıya şükürlər olsun ki, görməmişəm. Hələ qoy onlardan bircəciyi bu dükanın qapısından içəri girməyə cürət eləsin! Başına elə oyun açaram ki, adı da yadından çıxar! – qoca qəzəblə dedi.
Sedrik baqqalın zadəganlara niyə bu qədər nifrət etdiyini başa düşməsə də, dillənmədi.
Elə bu vaxt qapı açıldı və qulluqçu Meri içəri girdi. O, çox həyəcanlı görünürdü, üzünün rəngi də avazımışdı.
– Balaca, gəl evə gedək. Anan səni gözləyir, – Meri dedi.
Sedrik dərhal kətildən yerə hoppandı.
– Əzizim istəyir ki, mən onunla gəzməyə çıxım? – uşaq soruşdu.
Meri cavab vermədi. Onlar cənab Hobbsla sağollaşıb dükandan çıxandan sonra Sedrik üzünü Meriyə tutub dedi:
– Sənə nə olub? Özünü yaxşı hiss eləmirsən? Hava çox istidir deyə beləsən?
– Yox, balaca, mənə heç nə olmayıb, – Meri dilləndi.
Sedrik daha ondan heç nə soruşmadı. Fikirləşdi ki, yəqin, evə çatanda anası hər şeyi ona izah eləyər.
Evə yaxınlaşanda həyətdə bir faytonun dayandığını gördü. Qapını açıb içəri girdilər. Anası qonaq otağında kiminləsə söhbət eləyirdi. Meri onu ikinci mərtəbədəki otağına aparıb əl-üzünü yudu, təzə paltarını geyindirdi, saçlarını daradı. Bundan sonra Sedrik pilləkənləri düşüb qaçaraq qonaq otağına gəldi. Arıq, yaşlı bir centlmen anası ilə üzbəüz kresloda oturmuşdu. Missis Errol oğlunu görən kimi özünü onun üstünə atdı.
– Ah, Seddi! (Anası onu nəvazişlə belə çağırırdı.)
– Əzizim! – Sedrik anasını qucaqlamağa, öpməyə başladı.
Arıq, uzun centlmen kreslodan qalxıb uşağı başdan-ayağa diqqətlə süzəndən sonra dilləndi:
– Deməli, balaca lord Fauntleroy sənsən!
2
Növbəti həftəni Sedrik təşviş içində keçirdi. Əvvəla, anası ona qəribə bir əhvalat danışdı. Özü də uşaq yaxşı başa düşsün deyə həmin əhvalatı düz üç dəfə təkrarlamalı oldu. Dedi ki, o gün qonaq otağında gördüyü uzun, arıq kişi vəkil Hevişemdir. Onu İngiltərədən Amerikaya babası göndərib. Sən demə, Sedrikin indiyə kimi üzünü görmədiyi babası qraf imiş! Əgər Sedrikin böyük əmisi atdan yıxılıb ölməsəydi, balaca əmisi isə Romada qızdırma xəstəliyinə düçar olub vəfat etməsəydi, babası dünyasını dəyişəndən sonra onlar da qraf olacaqlarmış! Ancaq əmiləri həyatda deyillər. Beləliklə, qoca qraf vəfat edərsə, onun bütün mirası və zadəgan titulu Sedrikin atasına keçməlidir. Lakin kapitan Errol da artıq bu dünyadan köçdüyünə görə vərəsəlik hüququ Sedrikə keçir. Bununla belə, qoca qraf hələ ki sağ olduğundan oğlan lord Fauntleroy titulunu daşıyacaq. Babası öləndən sonra isə qraf olacaqdı.
Oğlan anasının danışdıqlarını eşidəndə bərk həyəcanlandı.
– Əzizim, – o, anasına dedi, – mən qraf olmaq istəmirəm! Axı mənim dostlarımdan heç biri qraf deyil!
Lakin belə məlum oldu ki, bundan qaçmaq mümkün olmayacaq…
Həmin axşam oğlan anası ilə birlikdə açıq pəncərənin qarşısında oturub məhəllələrindəki kasıb daxmalara tamaşa eləyirdi. Sedrik əlləri ilə dizlərini qucaqlamışdı. Uşaq həmişə nə barədəsə fikirləşəndə belə eləyirdi. Sifəti istidən pörtmüşdü. Baş verənləri anlamağa çalışırdı.
– Seddi, məncə, baban haqlıdır, – kədərli-kədərli pəncərədən çölə baxan missis Errol dilləndi. – Atan da belə olmasını istəyərdi. Mən buna imkan verməsəm, xudbinlik eləmiş olaram. Böyüyəndə özün hər şeyi başa düşəcəksən…
– Axı mən cənab Hobbsdan, dostlarımdan ayrılmaq istəmirəm! Bu şəhərdən getsəm, onlar üçün çox darıxaram…
* * *
Ertəsi gün Sedrikin babası Dorinkort qrafının şəxsi vəkili olan cənab Hevişem yenidən onlara təşrif buyurdu. O, qoca qrafın tapşırığı ilə Sedriki İngiltərəyə aparmaq üçün gəlmişdi. Vəkil oğlanı dilə tutaraq deyirdi ki, əgər getməyə razılıq versə, böyüyəndə çoxlu var-dövləti, dəbdəbəli qəsrləri, geniş bağları olacaq. Ancaq bütün bunlar Sedriki maraqlandırmırdı. Onu daha çox cənab Hobbsdan ayrılacağı narahat eləyirdi. Odur ki səhər yeməyindən dərhal sonra baqqalın dükanına yollandı. İçəri girəndə cənab Hobbs həmişəki kimi qəzet oxuyurdu.
– Hə, bu sənsən! – baqqal Sedriki görüb dedi. – Sabahın xeyir.
– Sabahınız xeyir! – Sedrik dilləndi. Ancaq bu dəfə nədənsə hündür kətilinə dırmaşmadı. Dükandakı ərzaq qutularından birinin üstündə oturub, adəti üzrə, dizlərini qucaqladı. Bir müddət dinib-danışmadı. Sonra qəfildən sözə başladı:
– Cənab Hobbs, dünənki söhbətimiz yadınızdadır?
– Yadımdadır, necə bəyəm? – baqqal boynunun ardını qaşıyıb dedi.
– Qraflar barədə dedikləriniz də? – uşaq çəkinə-çəkinə bir də xəbər aldı.
– Bəs necə! – Hobbs təsdiqlədi. – Dünən onları yaxşıca «yağladıq»!
Bu sözləri eşidən Sedrik qıpqırmızı qızardı. Axı heç vaxt belə çətin vəziyyətə düşməmişdi.
– Siz demişdiniz ki, o qraflardan, markizlərdən heç birinin ayağı dükanınıza dəyə bilməz, elədir? – Sedrik bir də dilləndi.
– Düzdür, belə demişdim.
– Cənab Hobbs, onlardan biri sizin dükanınızda oturub.
– Necə? – qəzəbli baqqal yerindən elə sıçradı ki, az qala kürsüdən yıxılacaqdı.
– Bəli! – Sedrik ciddi şəkildə dedi. – Sizə yalan söyləmək istəmirəm, mən qrafam, daha doğrusu, qraf olacağam.
Baqqal bərk narahat oldu, elə bildi, uşağı gün vurub, ona görə də nə danışdığını bilmir. İri əlini Sedrikin alnına qoyub təşvişlə soruşdu:
– De görüm, özünü necə hiss eləyirsən? Başın ağrıyır?
– Mən xəstə deyiləm, cənab Hobbs, – Sedrik dedi. – Başım da ağrımır. Təəssüf ki, bu, həqiqətdir. Meri dünən buna görə məni evə aparmağa gəlmişdi.
Cənab Hobbs özünü kürsüyə yıxıb əlindəki dəsmalla alnının tərini sildi.
– Deyəsən, səni yox, məni gün vurub… – o, güclə dilləndi.
– Yox, cənab Hobbs, heç birimizi gün vurmayıb. Babam vəkil Hevişemi İngiltərədən göndərib ki, bunu bizə xəbər versin.
Qoca baqqal çaşqınlıqla uşağın üzünə baxıb soruşdu:
– Sənin baban kimdir ki?
Sedrik əlini cibinə salıb səliqə ilə dörd qatlanmış bir kağız çıxardı. Kağızda iri hərflərlə nəsə yazılmışdı.
– Babamın adı çox uzundur, yadda saxlamaq çətindir, ona görə kağıza yazmışam, – uşaq izahat verdi.
Sonra uca səslə yazılanları oxumağa başladı:
– «Dorinkort qrafı Con Artur Molino Errol» – babamın adı belədir, – Sedrik dedi. – O, İngiltərədə bir qəsrdə yaşayır. Daha doğrusu, iki qəsrdə… Bəlkə də, üç… Mən dəqiq bilmirəm. Atam onun ən kiçik oğludur. Əgər o, sağ olsaydı, mən nə lord, nə də qraf olacaqdım. Əslində, əmilərim yaşasaydı, heç atam da qraf ola bilməyəcəkdi. Ancaq onların hamısı ölüb, odur ki qraflıq növbəsi mənə çatıb. Ona görə də babam adam göndərib ki, məni İngiltərəyə aparsın. İndi mənim adım – lord Sedrik Errol Fauntleroydur.
Qoca baqqal nə deyəcəyini bilmirdi. O, təəccüblə oğlana baxırdı.
– Cənab Hobbs, İngiltərə buradan çox uzaqdır? – Sedrik soruşdu.
– Hə, gərək Atlantik okeanının o tayına keçəsən, – qoca mızıldandı.
– Sizdən ayrılacağıma görə çox pis olmuşam…
– Nə etmək olar, dostlar nə vaxtsa bir-birindən ayrılmalı olurlar…
– Heç vaxt ağlıma gəlməzdi ki, haçansa qraf olmaq məcburiyyətində qalaram…
– Bəs sən bundan imtina edə bilməzsən? – cənab Hobbs soruşdu.
– Təəssüf ki, bu, mümkün deyil. Anamın dediyinə görə, atam da belə olmasını istəyərdi… Əgər bundan qaçmaq mümkün deyilsə, mən də ən azından yaxşı qraf olmağa çalışacağam, qəddarlıq eləməyəcəyəm. İngiltərə ilə Amerika arasında yenidən müharibə başlasa, onu dayandırmağa cəhd göstərəcəyəm.
Bundan sonra qoca baqqalla balaca lord uzun-uzadı söhbət elədilər.
* * *
Vəkil Hevişemi Amerikada gördüyü hər şey heyrətə salırdı. Bütün həyatı boyunca İngiltərədə yaşamış bu adam artıq qırx ildən çox idi ki, Dorinkort qrafına vəkillik eləyirdi. O, qrafın öz kiçik oğlunun evlənmə xəbərini necə qəzəblə qarşıladığını görmüşdü. Qraf bu fikirdə idi ki, missis Errol onun oğlu ilə var-dövlətinə görə ailə qurub. Bu səbəbdən də gəlininə nifrət eləyirdi. Cənab Hevişem də missis Errolu görənə kimi onun haqqında bu cür düşünürdü. Lakin təcrübəli vəkil qara libaslı, məsum çöhrəli bu gənc qadını görəndə qrafın yanıldığını anladı. Cənab Hevişem insan sərrafı idi, o dəqiqə başa düşdü ki, bu qadının var-dövlətə tamah salması mümkün deyil və qrafın oğlu ilə yalnız ona aşiq olduğu üçün evlənə bilərdi.
Vəkil gəlişinin məqsədini missis Errola deyəndə qadının rəngi ağappaq ağarmışdı.
– Necə?! Oğlumu məndən alacaqlar? – o, həyəcanla soruşmuşdu. – Axı mənim bu həyatda Seddidən başqa heç kimim yoxdur!
– Sizə bildirməyə borcluyam ki, cənab qraf nəvəsinin öz himayəsi altında tərbiyə olunub boya-başa çatmasını istəyir. Qrafın Londondan zəhləsi gedir, vaxtının çox hissəsini səs-küydən uzaq Dorinkort qəsrində keçirir. Yəqin ki, balaca lord da həmin qəsrdə yaşayacaq. Sizə isə qəsrin yaxınlığındakı Kort-Loc malikanəsində yaşamaq təklif olunur. Qraf eyni zamanda sizə müəyyən qədər vəsait ayıracaq. Yalnız bir şərtlə: heç vaxt oğlunuzu görməyə gəlməyəcəksiniz. Balaca lord özü istədiyi vaxt sizə baş çəkəcək.
Missis Errol dillənmədi, pəncərəyə tərəf gedib bir neçə dəqiqə orada dayandı. Vəkil başa düşdü ki, qadın özünü ələ almağa çalışır.
– Kapitan Errol Dorinkortu çox sevirdi, – qadın, nəhayət, sözə başladı. – O bütün İngiltərəni sevirdi. Mən bilirəm… əminəm ki, o, oğlunun İngiltərəni görməsini istəyərdi… Bu, Seddi üçün də çox yaxşı olar. Ümid eləyirəm ki, qraf oğlumu məndən uzaqlaşdırmağa çalışmayacaq, onun bu qədər qəddar adam olmadığına inanmaq istəyirəm. Lakin o, istəsə belə, buna gücü çatmaz! Çünki oğlum xasiyyətcə eynən atasına oxşayır. Atası kimi sədaqətli və xeyirxahdır. Biz heç görüşməsək də, o məni unutmaz!
– Xanım, – vəkil dedi, – mən sizi əmin edirəm ki, balaca lord ən yaxşı şəraitdə böyüyəcək. Cənab qraf onun xoşbəxt olması üçün nə lazımdırsa, edəcək.
– Ümidvaram ki, o, həqiqətən də, Seddini nəvəsi kimi sevəcək… – qadın titrək səslə dedi.
* * *
Vəkil Hevişem uşağı birinci dəfə qonaq otağında görəndə çox təəccüblənmişdi. Sedrik böyük adamlar kimi onun əlini sıxıb bütün suallarına səlis cavab vermişdi. Nə utanıb-çəkinmiş, nə də şıltaqlıq eləmişdi.
– O, bəzən özünü böyük adam kimi aparır, – missis Errol vəkilə demişdi. – Bununla belə, hələ də balaca uşaqdır.
Cənab Hevişem ikinci dəfə oğlana küçədə rast gəlmişdi. Bu dəfə anasının dediyi sözlər öz təsdiqini tapmışdı. Vəkil faytonla küçədən keçəndə Sedrikin yaşıdları ilə oynadığını gördü. Oğlan ayaqqabılarını çıxarmışdı, ayağında qırmızı corab vardı. Uşaqlar cərgəyə düzülüb hakim seçdikləri yaşıdlarının fit çalmasını gözləyirdilər. Fit səsi eşidilən kimi hamı bir nəfər kimi yerindən götürüldü. Qırmızı corablı Sedrik də onların arasında idi.
– Məncə, o hamıdan tez çatacaq, – faytonda oturub uşaqları izləyən vəkil öz-özünə mızıldandı.
Çox keçmədən uşaqların çığırtısı eşidildi. Seddi dostu Billi Vilyamsı iki saniyə fərqlə ötərək hamıdan birinci özünü finiş nöqtəsinə – fənər dirəyinə çatdırmışdı.
– Yaşasın Seddi Errol! – oğlanların hamısı bir ağızdan qışqırışdılar.
Cənab Hevişem gülümsəyib faytonun oturacağına yayxandı.
– Afərin, balaca lord! – o öz-özünə dedi.
Həmin vaxt Sedrik dostu Billiyə yaxınlaşıb ona ürək-dirək verirdi:
– Bilirsən, mən niyə səni azacıq qabaqladım? Çünki mənim ayaqlarım daha uzundur. Bir də, mən səndən düz üç gün böyüyəm.
Billi bu sözləri eşidib gülümsədi.
* * *
Vəkil Sedrikgilin həyətində faytondan düşdü. Yarım saatdan sonra o, qonaq otağında oğlanla üzbəüz oturmuşdu. Əvvəl heç biri dinib-danışmadı, maraqla bir-birini gözdən keçirdilər. Sonra Sedrik qəfildən dilləndi.
– Mənə qrafın nə demək olduğunu başa sala bilərsiniz? Əgər qraf olacağamsa, bunu bilməliyəm, elə deyil? Adam necə qraf olur?
– Zadəganlara bu titulu kral və ya kraliça verir, – vəkil oğlanı başa salmağa çalışdı. – Lakin hər adam qraf ola bilməz. Bu ada yalnız öz dövlətinə sədaqətlə qulluq eləyənlər layiq görülürlər.
– Bildim! Prezident kimi!
– Səncə, ikisi eyni şeydir?
– Əlbəttə! Əgər bir insan çox ağıllı və mərhəmətlidirsə, onu prezident seçirlər. Seçkilərdən sonra da atəşfəşanlıq olur. Əvvəllər fikirləşirdim ki, nə vaxtsa mən də prezident olacağam. Amma bir gün qraf olacağım heç vaxt ağlıma gəlməmişdi. Çünki qraflar haqqında heç nə bilmirdim…
– Yox, məncə, qraf və prezident arasında fərq var, – vəkil dedi.
– Doğrudan? – uşaq təəccüblə soruşdu. – Yoxsa qraf seçiləndə atəşfəşanlıq eləmirlər?
Cənab Hevişem gülümsəyərək ayağını ayağının üstünə aşırdı. Kresloda yerini rahatlayandan sonra qərara gəldi ki, oğlana hər şeyi daha geniş şəkildə başa salsın.
– Qraf… çox vacib şəxsdir, – o dedi.
– Prezident də elədir, bunu mənə cənab Hobbs başa salıb.
– Qraflar, – vəkil sözünə davam elədi, – köklü nəslin nümayəndələridir.
– Bu nə deməkdir? – Sedrik soruşdu.
– Yəni onların ailəsinin tarixi çox qədimdir, – vəkil uşağın başa düşəcəyi şəkildə izah eləməyə çalışdı.
– Hə, bildim! Alma satan nənə kimi! O elə qocadır ki, ayaq üstə güclə dayanır. Əlləri də əsir. Bəlkə, yüz yaşı olar! Amma hər gün küçədə alma satır, üstünə yağış, qar yağsa da, evinə getmir. Deyir ki, yağış yağanda sümükləri yaman sızıldayır. Bizim ona çox yazığımız gəlir. Bir dəfə Billinin düz bir dollar[6 - Dollar – ABŞ-da və başqa ölkələrdə 100 sentə bərabər olan pul vahidi] pulu var idi, mən ondan xahiş elədim ki, hər gün bu puldan beş sent[7 - Sent – dolların 1/100-nə bərabər xırda pul] verib nənədən alma alsın. Pul təxminən iyirmi gün alma almağa çatardı! Ancaq bir neçə gündən sonra Billi alma yeməkdən bezdi. Xoşbəxtlikdən həmin vaxt bir cənab mənə əlli sent bağışladı. Mən də Billinin yerinə nənədən alma almağa başladım.
Vəkil mat-mat oğlanın danışdıqlarına qulaq asırdı.
– Sən məni düz başa düşmədin, – o dedi. – Demək istəyirdim ki, qraflar hələ qədimdən, yüzillər bundan əvvəl cəmiyyətdə hörmət qazanıb, tanınıblar. Onların adı ölkənin tarixinə düşüb.
– Corc Vaşinqton[8 - Corc Vaşinqton – Amerika Birləşmiş Ştatlarının ilk prezidenti] kimi? – Sedrik dilləndi. – Mən lap balacalıqdan onun adını eşitmişəm. Cənab Hobbs isə deyir ki, insanlar onu heç vaxt yaddan çıxarmayacaqlar.
– Birinci Dorinkort qrafı bu titulu dörd yüz il bundan əvvəl alıb!
– İşə bir bax! – Sedrik təəccübləndi. – Anamın bundan xəbəri var? Gələn kimi ona da deyərik. Belə şeylər onu çox maraqlandırır.
– Qrafların çoxu İngiltərənin idarə olunmasında yaxından iştirak ediblər. Müharibələrdə vuruşublar.
– Mən də vuruşmaq istəyərdim! – Sedrik dilləndi. – Düzdür, balaca olanda qaranlıqdan qorxurdum, lakin artıq böyümüşəm, indi heç nədən qorxmuram!
– Qrafların həm də çoxlu pulu olur.
– Mən də çoxlu pulumun olmasını istəyərdim.
– Hə? – vəkil maraqla soruşdu. – Pul sənin nəyinə lazımdır ki?
– Pulun olsa, çox şey eləyə bilərsən. Məsələn, alma satan nənəyə çardaq düzəltdirərdim ki, yağışın altında qalmasın. Üstəlik, soyuqdan üşüməməsi üçün ona soba və qalın, yun şal alardım.
– Bəs başqa nə edərdin? – vəkil yenə soruşdu.
– Çox şey! Məsələn, Dikə…
– Bu Dik kimdir belə? – cənab Hevişem uşağın sözünü kəsdi.
– Çəkməsiləndir, – Sedrik həvəslə cavab verdi. – Çox yaxşı adamdır! Şəhərin lap mərkəzindəki yolayrıcında oturub adamların ayaqqabılarını təmizləyir. Bir dəfə Əzizimlə oradan keçirdik, mənə qırmızı top almışdı. Top əlimdən sürüşüb at arabalarının keçib-getdiyi yola düşdü. Dik bunu görən kimi özünü arabaların arasına atıb topumu götürdü, gödəkçəsinə silib mənə verdi. O gündən dostlaşdıq.
– Çoxlu pulun olsa, Dik üçün nə edərdin?
– Ona təzə ayaqqabı boyası, fırça alardım ki, «işləri yağ kimi getsin». Axı Dik həmişə işlərinin yağ kimi getməsini arzulayır.
– Bəs çoxlu pulun olsa, özünüz üçün bir şey eləmək istəməzdin?
– Əlbəttə, istəyərdim! Ancaq əvvəlcə Meriyə pul verərdim ki, bacısı Bricitə çatdırsın. Bricitin on iki uşağı var, əri də işləmir. O, həmişə bizə gəlib ağlayır. Deyir ki, kirayə pulunu ödəyə bilmirlər. Hə, bir də, mənə elə gəlir, cənab Hobbsa qızıl saat bağışlasam, o, çox şad olar. Bir də, bir də… atəşfəşanlıq düzəldərdim. Qoy uşaqlar baxıb sevinsinlər!
– Atəşfəşanlıq?
– Bəli! Seçkilərdən sonra olduğu kimi!
Elə bu vaxt qapı aralandı və missis Errol otağa girdi.
– Bağışlayın ki, sizi tək qoymalı oldum, – o dedi. – Bricit burdadır, onun başına iş gəlib.
– Nə olub ki? – vəkil soruşdu.
– Əri qızdırma xəstəliyinə tutulub.
– Mən gedib onunla danışmalıyam, – Sedrik bunu deyib qaçaraq otaqdan çıxdı.
Cənab Hevişem isə kreslodan qalxıb missis Errola yaxınlaşdı və dedi:
– Əgər bu bədbəxt qadına kömək eləmək balaca lorda xoş gələcəksə, mən yardıma hazıram. Qraf mənə tapşırıb ki, Sedrikə xoşbəxtlik gətirən hər hansı bir addımı atmaqdan çəkinməyim.
– Ah! Qraf çox xeyirxah adamdır! – missis Errol dedi. – Sedrik bunu eşidəndə çox sevinəcək! O, Briciti də, onun əri Mayklı da çox istəyir. Maykla bahalı dərmanlar, isti geyim lazımdır.
Cənab Hevişem əlini cibinə salıb pulqabını çıxardı və dedi:
– İcazə versəniz, mən sizin oğlunuza beş funt[9 - Funt – İngiltərədə pul vahidi] bağışlayardım ki, həmin ailəyə kömək eləyə bilsin.
– Beş funt? Bu ki iyirmi beş dollar eləyir! – missis Errol həyəcanla dilləndi. – Bu onlar üçün çox böyük məbləğdir!
Sonra Sedriki qonaq otağına çağırıb ona dedilər ki, artıq Bricitlə Maykla kömək eləyə bilər. Uşaq bu xəbərə çox sevindi.
– Bəs pulu onlara elə bu dəqiqə verə bilərəm? – Sedrik soruşdu. – Çünki Bricit getməyə hazırlaşır.
Vəkil pulu Sedrikə uzatdı. Sedrik pulu alıb güllə kimi otaqdan çıxdı.
– Bricit! – o, mətbəxə çatmamış qışqırmağa başladı. – Bu pulları babam verib. Artıq evinizin kirayə haqqını ödəyə bilərsən! Maykla dərman da ala bilərsən!
Bricit uşağın əlində bu qədər pulu görəndə çaşıb-qaldı. O elə bilmişdi ki, Sedrik həmin pulları anasından xəbərsiz götürüb. Ancaq tezliklə missis Errol gəlib hər şeyi ona başa saldı.
Bricit gedəndən sonra Sedriklə anası yenidən qonaq otağına qayıtdılar. Vəkil otaqda onları gözləyirdi.
– Bricit sevindiyindən ağladı! – Sedrik onu görən kimi dedi. – Mən indiyə kimi sevincindən ağlayan adam görməmişdim! Deyəsən, mənim babam yaxşı adamdır. Elə qraf olmaq da çox yaxşıdır! İndi mən qraf olacağıma görə çox sevinirəm!
3
Sedrik vəkillə söhbətdən sonra istədiyini eləyə biləcəyini öyrənəndə çox sevindi. O, cənab Hevişemlə birlikdə əvvəl qoca alma satan qadının yanına yollandı. Ona çardaq tikdirəcəklərini, soba və şal hədiyyə edəcəklərini eşidən yaşlı qadının təəccübdən gözləri bərələ qaldı. Üstəlik, almasatana bir az pul da verəcəkdilər.
– Məsələ burasındadır ki, mən İngiltərəyə gedirəm, – Sedrik alma satan nənənin çaşbaş qaldığını görüb dedi. – Hər dəfə yağış yağanda sizin sümüklərinizin sızıldadığını fikirləşib narahat olmaq istəmirəm.
Çəkməsilən Diklə görüş daha həyəcanlı keçdi. Sedrik ona lord olduğunu, daha sonra isə qraf olacağını xəbər verəndə Dik elə təəccübləndi ki, nə deyəcəyini bilmədi. Handan-hana özünə gəlib dilləndi:
– Seddi, bəsdir məni aldatdın!
Vəkil uşağın sözlərini təsdiqləyəndən sonra belə oğlanın təəccübü keçib-getmədi. Seddi ona bir dəstə pul uzadıb dedi:
– Bu pulları babam göndərib. O, çox xeyirxah qrafdır.
Dik hələ də gördüklərini yuxu zənn eləyirdi.
Uşaq əlini ona uzadıb dilləndi:
– Artıq mənim adım Seddi yox, lord Fauntleroydur. Salamat qal, Dik!
Dik kövrəlmişdi, danışa bilmirdi, sözlər boğazında düyünlənib qaldı. Bu xeyirxah uşağın balaca əlini sıxıb yalnız bu sözləri deyə bildi:
– Burdan getdiyinə görə çox təəssüflənirəm.
Sonra özünü ələ alıb cənab Hevişemin də əlini sıxdı və dedi:
– Cənab, çox sağ olun ki, onu mənimlə vidalaşmağa gətirdiniz. Seddi çox yaxşı uşaqdır…
* * *
Sedrik qalan vaxtının çox hissəsini baqqal Hobbsun dükanında keçirməyə çalışırdı. Qoca baqqalın qaşqabağı açılmırdı, bu sevimli uşaqdan ayrılacağına görə çox fikir eləyirdi. Odur ki Sedrik ona qızıl saat bağışlayanda da düz-əməlli təşəkkür eləyə bilmədi. Sedrik saatı verib demişdi:
– Qapağın altında yazı var: «Cənab Hobbsa ən qədim dostu balaca lorddan. Hər dəfə vaxtı bilmək üçün bu saata baxanda məni xatırlaması ümidi ilə…»
– Mən səni heç vaxt yaddan çıxartmaram, amma sən də o ingilis zadəganlarının içində yaşayanda məni unutma, – qoca baqqal dillənmişdi.
– Babacan, bu, mümkün deyil! – Sedrik demişdi. – Mən həyatımın ən yaxşı günlərini sizinlə keçirmişəm. Ümid eləyirəm ki, nə vaxtsa mənə qonaq gələcəksiniz. Qraf sizə dəvətnamə göndərər. Gələrsiniz, elə deyil? Düzdür, sizin qraflardan xoşunuz gəlmir…
– Mən səni görmək üçün hara desən, gələrəm, – qoca söz verdi.
Nəhayət, səfər hazırlıqları başa çatdı. Bircə sandıqları gəmiyə daşımaq qalırdı. Müəyyən olunmuş vaxtda araba gəlib evin qarşısında dayandı. Həmin ərəfədə missis Errol öz otağına çəkilib bir müddət gözə görünməmişdi. Otaqdan çıxanda isə iri, ala gözləri nəmli idi, dodaqları titrəyirdi. Sedrik anasının çox kədərləndiyini görüb ona yaxınlaşdı.
– Biz evimizi çox sevirdik, düzdür, Əzizim? – o dedi. – Bundan sonra da sevəcəyik.
– Əlbəttə, mənim balam! – anası sakitcə dilləndi.
Onlar arabaya mindilər. Sedrik gözünü yumub-açana kimi artıq gəminin göyərtəsində idilər. Gəmi hələ yerindən tərpənməmişdi. Uşaq maraqla ətrafa tamaşa eləyirdi. Sahildə sərnişinlər, yükdaşıyanlar, matroslar o tərəf-bu tərəfə vurnuxurdular. Onların arasında adamları yarıb irəli keçməyə can atan cavan bir oğlan uşağın diqqətini cəlb elədi. Oğlanın əlində qırmızı bir şey vardı. Bu ki Dik idi! Çəkməsilən birtəhər özünü Sedrikə çatdırdı.
– Bütün yolu qaçmışam, – o, təngnəfəs halda dilləndi. – Gəldim, səni yola salım. Bilirsən, Seddi, indi işlərim yağ kimi gedir. Bu yaylığı da sənə hədiyyə almışam. O zadəganların yanına çatanda taxarsan.
Dik bunu deyib əlindəki qırmızı yaylığı Sedrikə uzatdı. Elə həmin vaxt fit səsi eşidildi. Sedrik ağzını açıb Dikə təşəkkür etməyə macal tapmamış oğlan gəmidən düşüb qaçmağa başladı.
– Salamat qal! – o, qaça-qaça qışqırdı.
Sedrik bir müddət göyərtədə dayanıb əlindəki qırmızı ipək yaylığı onun arxasınca yellətdi…
4
Onların bundan sonra ayrı-ayrı evlərdə yaşayacaqlarını anası Sedrikə yalnız yolda xəbər verdi. Oğlan bunu eşidib çox məyus oldu. Missis Errol oğluna təsəlli verib dedi ki, onun qalacağı yer qraf qəsrinə çox yaxındır və Sedrik istədiyi vaxt anasını görməyə gələ bilər.
– Sən də qəsrdə qalsaydın, yaxşı olardı, – Sedrik qəmli-qəmli dedi.
Lakin missis Errol babasının buna razılıq vermədiyini oğluna açıb söyləyə bilməzdi. Çünki Sedrikin qoca qrafı sevməsini, ona hörmət göstərməsini istəyirdi.
Gəmidəki sərnişinlər bu qızılı, qıvrım saçlı sevimli uşağa tamaşa etməkdən doymurdular. Sedrik gah göyərtədə o tərəf-bu tərəfə qaçır, gah anasına həyəcanla nəsə göstərir, gah da matroslarla söhbət eləyirdi. Qısa müddətdə Sedrik həm gəmi heyəti, həm də sərnişinlərlə dostlaşdı. Matrosların yanında o qədər çox vaxt keçirirdi ki, tezliklə onlar kimi danışmağa başlamışdı.
Bir dəfə dənizdə sərin külək əsdiyi vaxt Sedrik paltosunun yaxalığını qaldırıb dedi:
– Neptuna[10 - Neptun – Qədim Roma mifologiyasında dənizlər tanrısı] and olsun ki, hava bu gün yaman soyuqdur!
Ətrafdakı adamlar bunu eşidib gülüşməyə başladılar. Sedrik onların nəyə güldüklərini başa düşə bilmədi. O bu sözləri qoca matros Cerridən öyrənmişdi. Cerri Sedrikə dənizçiliklə bağlı çoxlu əhvalat danışmışdı.
Hava pis olanda hər kəs öz kayutuna çəkilirdi. Bu zaman sərnişinlər Sedrikdən xahiş eləyirdilər ki, onların kayutuna gəlib həmin əhvalatlardan birini nəql eləsin. Uşaq da həvəslə razılıq verirdi.
Düz on bir gündən sonra gəmi Liverpula çatdı. Ertəsi gün içində Sedrikin, missis Errolun və cənab Hevişemin olduğu karet bir evin qarşısında dayandı. Bu, missis Errolun qalacağı Kort-Loc malikanəsi idi. Qulluqçusu Meri bir neçə gün əvvəl Amerikadan buraya gəlmişdi ki, evi səliqəyə salsın. Qız bu evdə missis Errolla birlikdə yaşayacaqdı. Qulluqçu ilə yanaşı bir neçə ingilis nökər də karetin gəldiyini eşidib qapının ağzına çıxmışdı. Sedrik Merini görəndə çox sevindi. Cəld qaçıb qızın boynunu qucaqladı.
Oğlan qapıdan içəri girən kimi paltosunu çıxarıb evi gəzməyə başladı. Evin geniş zalında və otaqlarında müxtəlif rəsm əsərləri, maral buynuzları və başqa maraqlı əşyalar vardı.
– Əzizim, – Sedrik üzünü anasına tutub dedi, – bu çox qəşəng evdir, düzdür? Mən sevinirəm ki, sən belə qəşəng evdə yaşayacaqsan.
Onların Amerikada yaşadıqları evlə müqayisədə bura, doğrudan da, çox geniş və qəşəng idi. Evdə buxarı da vardı. Buxarının qarşısındakı xalçanın üstündə isə ağappaq bir pişik yumurlanıb yatmışdı.
– Xanım, bu pişiyi təsərrüfat işlərinə baxan qadın qəsrdən sizin üçün gətirib ki, tək qalıb darıxmayasınız, – Meri dedi. – O çox xeyirxah qadındır. Kapitan Errolu da çox istəyirmiş.
Sedrik səsə oyanan pişiklə oynamağa başladı.
Həmin vaxt missis Errol vəkillə astadan söhbət eləyirdi. Onlar bu söhbəti Sedrikin eşitməsini istəmirdilər.
– Onu bu gün qəsrə aparmayacaqsınız, elə deyil? – missis Errol təşvişlə soruşdu.
– Xeyr, uşaq bu gecə sizin yanınızda qalacaq, – vəkil dedi. – Nahardan sonra qəsrə gedib gəldiyimizi qrafa xəbər verərəm.
– Zəhmət olmasa, qrafa çatdırın ki, mən ondan pul götürməyəcəyəm.
– Necə? – vəkil təəccübləndi. – Qrafın sizin üçün ayırdığı vəsaitdən imtina eləyirsiniz?
– Bəli! Əlacım olsa, heç bu evi də qəbul etməzdim! Ancaq oğluma yaxın olmalıyam deyə başqa çarəm yoxdur. Bir az pulum var, dolanışığıma çatar. Mən dəbdəbəli həyata alışmamışam. Qoy qraf fikirləşməsin ki, oğlumun onun yanına gəlməsinə pul üçün razılıq vermişəm.
– Bu, çox qəribədir… – cənab Hevişem üzünün tərini yaylığı ilə silib dedi. – Qraf çox qəzəblənəcək. O bunu anlamayacaq.
– Bir az fikirləşsə, anlayar, – missis Errol dedi. – Mənim, həqiqətən, onun puluna ehtiyacım yoxdur.
Vəkil bir müddət dillənmədi. Sonra, nəhayət, dedi:
– Mən sizin sözlərinizi qrafa olduğu kimi çatdıraram.
Nahardan sonra cənab Hevişem qəsrə yollandı. Qraf dərhal onu qəbul elədi. O, buxarının qarşısındakı kürsüdə oturmuşdu, ağrıyan ayağını isə kiçik kətilin üstünə uzatmışdı. Cod qaşlarını çatıb sakit nəzərlərlə vəkilə baxırdı. Cənab Hevişem qrafı yaxşı tanıyırdı, bilirdi ki, sakit görünməyə çalışsa da, əslində, narahatdır.
– Deməli, qayıtmısınız, – qoca qraf dilləndi. – Yaxşı, bəs nə xəbərlə gəlmisiniz?
– Balaca lord və anası artıq buradadır, – vəkil dedi. – Səfər yaxşı keçdi, hər ikisinin də səhhəti qaydasındadır.
– Lap yaxşı… – qraf laqeydliklə mızıldandı. – İçməyə bir şey istəyirsiniz?
Cənab Hevişem özünə içki süzüb dedi:
– Balaca lord bu gecə anasının yanında qalacaq, sabah isə mən onu qəsrə gətirəcəyəm.
– Davam eləyin… – qraf dilləndi. – Mən bu uşaq haqqında, demək olar, heç nə bilmirəm. O necə oğlandır?
Vəkil içkisindən bir qurtum alıb dilləndi:
– Yeddi yaşlı uşağın xarakteri haqqında nəsə demək çətindir…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/frensis-eliza-bernett-55941/balaca-lord-68289892/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
Примечания
1
Qraf – Qərbi Avropada, həmçinin 1917-ci il inqilabına kimi Rusiyada mövcud olmuş zadəgan rütbəsi və bu rütbəni daşıyan şəxs
2
Missis – xanım; ailəli qadınlara müraciətlə işlənir.
3
Beşinci avenyu – Nyu-York şəhərinin mərkəzi küçəsi; dünyanın ən bahalı küçələrindən biri hesab olunur.
4
Lord – İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu daşıyan şəxs
5
Markiz – Fransada, İngiltərədə, İtaliyada və İspaniyada zadəgan rütbəsi, habelə belə rütbəsi olan şəxs
6
Dollar – ABŞ-da və başqa ölkələrdə 100 sentə bərabər olan pul vahidi
7
Sent – dolların 1/100-nə bərabər xırda pul
8
Corc Vaşinqton – Amerika Birləşmiş Ştatlarının ilk prezidenti
9
Funt – İngiltərədə pul vahidi
10
Neptun – Qədim Roma mifologiyasında dənizlər tanrısı