Mənim Universitetlərim
Maksim Qorki
Dünya ədəbiyyatından seçmələr
Həyatın amansızlığı ucbatından cəmi bir neçə ay məktəbə gedən, 8 yaşında işləməyə məcbur olan Maksim Qorki bu avtobiorqafik əsərində gənclik illəri zamanı üzləşdiyi dəhşətli məhrumiyyətlərdən danışılr.
Maksim Qorki
Mənim Universitetlərim
© ALTUN KİTAB MMC – 2020
1
Beləliklə, mən Kazan[1 - Kazan – Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı] Universitetinə oxumağa gedirəm, bundan azı ilə kifayətlənən deyiləm.
Universitet fikrini mənim ağlıma gimnazist Nikolay Yevreinov salmışdı. O, çox yaraşıqlı, sevimli, gözlərindən mehribanlıq yağan on doqquz yaşlı bir gənc idi. Mənimlə eyni evin çardağında yaşayırdı. Tez-tez əlimdə kitab gördüyü üçün bu onu maraqlandırmış, mənimlə tanış olmuşdu.
Tezliklə Yevreinov məni inandırmağa başladı ki, bəs səndə elm üçün müstəsna istedad var!
– Təbiət sizi elmə xidmət etmək üçün yaradıb! – deyib o, uzun saçlarını gözəl bir əda ilə silkələdi.
Yevreinov şirin dillə mənə sübut edirdi ki, universitetlər məhz mənim kimi gənclərə möhtacdır. O deyirdi ki, Kazanda mən onun yanında yaşayacağam, payız və qış ərzində bütün gimnaziya kursunu keçəcəyəm, həm də bəzi imtahanları verəcəyəm. Bu «həm də bəzi» də onun sözləri idi. Üstəlik, universitetdə guya mənə dövlət təqaüdü veriləcək və beləliklə, beş ildən sonra alim olacağam. Məsələ çox sadə görünürdü.
Nikolay imtahanlarını verən kimi çıxıb getdi, iki həftədən sonra mən də onun dalınca yola düşdüm.
Nənəm məni yola salarkən öyüd-nəsihət verib deyirdi:
– Bax adamlara acıqlanıb eləmə, sən elə hər şeyə hirslənirsən. Çox dikbaş və əsəbi olmusan! Bu xasiyyət sənə babandan keçib. Amma baban kim idi? Yaşadı, yaşadı, axırda gör necə xəriflədi. Sən isə oxuyub alim olacaqsan. Di yaxşı, salamat get…
Sonra isə qırışmış qarayanız yanaqlarındakı bir-iki damla göz yaşını silərək əlavə etdi:
– Ürəyimə damıb ki, bir daha görüşməyəcəyik. Sən bir yerdə duran deyilsən, baş alıb uzaqlara gedəcəksən. Mən isə öləcəyəm…
Son zamanlar mən bu doğma qadından uzaqlaşmışdım. Hətta onu çox az-az görürdüm. İndi isə birdən ürəkağrısı ilə hiss etdim ki, bir daha həyatımda mənə bu qədər əziz, qəlbimə bu qədər yaxın bir adama rast gəlməyəcəyəm.
Budur, gəminin göyərtəsində dayanıb körpünün yanında durmuş nənəmə baxıram: o, bir əli ilə xaç çəkir, o biri əli ilə köhnə şalının ucundan tutub üzünü və qara gözlərini silirdi.
2
Kazanda, əhalisinin yarısı tatar olan bu şəhərdə mən birmərtəbəli evin darısqal bir mənzilinə yerləşdim. Ev ensiz, görünüşündən yoxsulluq yağan küçənin axırındakı təpənin üzərində təkbaşına yüksəlmişdi. Yan-yörəsində başqa ev yox idi. Evin bir divarı yanğından sonra əmələ gəlmiş açıqlığa çıxırdı. Açıqlığın hər tərəfini alaq otları basmışdı. Yovşan, ayıpəncəsi, quzuqulağı kolları və kəndalaş şaxələri içində kərpic binanın xarabalığı yüksəlirdi. Bu xarabalığın altında geniş zirzəmi vardı: sahibsiz küçə itləri burada yaşayır və ölürdülər.
Mənim ilk universitetlərimdən biri olan həmin zirzəmi yaxşı yadımda qalıb.
Ana ilə iki oğlundan ibarət Yevreinovlar ailəsi çox az məbləğdə dilənçi təqaüdü alaraq yaşayırdı. Mən elə ilk günlərdən balaca cüssəli dul qadının bazardan aldığı şeyləri mətbəxdəki stolun üstünə töküb necə fikrə getdiyinin şahidi olmuşdum: yazıq qadın qəmli halda bu aldıqlarına baxır, onlardan nə bişirəcəyini götür-qoy edirdi. Elə bir yemək hazırlamalı idi ki, evdəki üç sağlam gənc oğlanın qarnını doyurmağa bəs eləsin.
Qadın qaradinməz idi. Gözlərində isə bir atın ümidsiz və mülayim tərsliyi donub-qalmışdı: üzü yoxuşa qalxan belə bir at yükünü çəkib yuxarı çıxara bilməyəcəyinin fərqindədir, ancaq bununla belə, böyük inadkarlıqla yükü yenə çəkib aparır.
Yevreinovlara gəlişimdən üç gün sonra idi. Səhər təzəcə açılmışdı, uşaqlar hələ yatırdılar. Mən mətbəxdə qadına göyərti təmizləməkdə kömək edirdim. Birdən qadın yavaşdan və ehtiyatla soruşdu:
– Siz bura nə üçün gəlmisiniz?
– Hazırlaşıb universitetə girəcəyəm.
Qadının qaşları çatıldı, o, barmağını bıçaq ilə kəsdi. Sonra isə barmağından axan qanı soraraq özünü stulun üstünə yıxdı. Lakin dərhal da ayağa qalxıb dedi:
– Ah, zəhrimar…
O, cib dəsmalı ilə barmağını sarıyıb məni tərifləməyə başladı.
– Siz çox yaxşı kartof təmizləyirsiniz.
Gəl bir bunu da bacarmayaydım! Axı mən vaxtilə gəmilərdən birinin mətbəxində işləmiş, bu işləri yaxşı öyrənmişdim, aşpazlıqdan pis başım çıxmırdı. Qadına bu haqda danışdım, o isə soruşdu:
– Siz elə güman edirsiniz ki, universitetə girmək üçün bu kifayətdir?
O vaxtlar mən yumoru pis başa düşürdüm. Buna görə də qadının sualını ciddi qəbul etdim. Başladım gələcəkdə nələr edəcəyimi bir-bir ona sadalamağa. Sadaladıqlarımın sonunda isə elm məbədinin qapıları üzümə taybatay açılmalı idi.
Qadın köksünü ötürdü.
– Eh, Nikolay, Nikolay…
Elə bu vaxt Nikolay gözləri yuxulu, saçları dağınıq və həmişəki kimi şən halda yuyunmaq üçün mətbəxə gəldi.
– Ana, düşbərə bişirsəydin, yaxşı olardı!
– Elədir, yaxşı olar, – deyə anası onun fikri ilə razılaşdı.
Mən isə aşpazlıq təcrübəmi nümayiş etdirmək üçün dedim ki, düşbərə üçün bu ət həm az, həm də pisdir.
Nikolayın anası – Varvara İvanovna – dərhal üstümə acıqlandı, ünvanıma bir neçə tutarlı söz söylədi. Bu sözlərdən qulaqlarım qıpqırmızı qızararaq yuxarıya doğru uzanmağa başladı.
Bundan sonra qadın əlindəki bir dəstə kökü stolun üstünə ataraq mətbəxdən çıxdı. Nikolay isə mənə göz vuraraq anasının hərəkətini belə izah etdi:
– Kefi yoxdur…
Sonra isə skamyaya əyləşərək mənə qadınların kişilərlə müqayisədə daha əsəbi olduğu barədə uzun-uzadı danışmağa başladı. Aydın məsələ idi ki, bütün bu danışdıqlarının bircə məqsədi var: anasının ünvanıma dediyi acıqlı sözlərə görə könlümü almaq, pərtliyimi aradan götürmək!
3
Mən, demək olar, hər gün Varvara İvanovnanın öz uşaqlarının qarnını aldatmaq, üstəlik, haradansa azıb gəlmiş yöndəmsiz görkəmli bir oğlanı yedirtmək üçün nə qədər fənd işlətdiyini yaxşı görürdüm. Təbii ki, buna görə də payıma düşən hər tikə çörək bir daş olub ürəyimdən asılırdı.
Mən artıq özümə iş axtarmağa başlamışdım. Evdə nahar etməmək üçün səhər tezdən çıxıb gedir, hava pis olanda isə açıqlıqdakı xarabalığın zirzəmisində oturub-qalırdım. Buradakı it və pişik cəsədlərinin üfunətini içimə çəkə-çəkə tezliklə anladım ki, mənim üçün universitet əlçatmaz bir xəyaldır. Fikirləşirdim ki, əgər universitetdə oxumaq fikrinə düşmək yerinə iş dalınca düşsəydim, daha ağıllı hərəkət etmiş olardım.
Müəyyən müddət sonra isə qeyri-adi sərgüzəştlər və böyük qəhrəmanlıqlar haqqında düşünüb xəyallar qurmağa başlamışdım. Bu məndə tədricən vərdişə çevrildi. Həyatımın çətin günlərində belə xəyallar mənə kömək edir, mənə ümid və təsəlli verirdi. Yox, mən heç bir xoşbəxt təsadüfə ümid bağlamırdım, sadəcə, hiss edirdim ki, həyat şəraitim nə qədər ağırlaşırsa, mən bir o qədər möhkəm və ağıllı olmağa başlayıram. Başqalarından kömək gözləmir, yalnız öz gücümə güvənirdim.
Ac qalmamaq üçün Volqa[2 - Volqa – Rusiyanın Avropa hissəsində çay] sahilinə, oradakı körpülərə gedirdim. Nə də olmasa, burada günə on beş–iyirmi qəpik qazanmaq daha asan idi. Burada yükdaşıyanlar, səfillər, oğrular arasında özümü közərmiş kömürlərin arasına atılmış dəmir parçası kimi hiss edirdim: hər gün mənə yeni odlu-alovlu duyğular aşılayırdı. Bu adamlar, onların davranışları, həyata qarşı bəslədikləri kin və qəzəb xoşuma gəlirdi. İndiyədək başıma gələnlərlə həmin adamların taleyi arasında yaxınlıq sezirdim, bu yaxınlıq isə getdikcə qüvvətlənirdi.
Müəllimlər İnstitutunun keçmiş tələbəsi və vərəm xəstəsi olan oğrubaşı Başkin mənə bəlağətlə deyirdi:
– Sən niyə belə qız kimi əzilib-büzülürsən? Yoxsa abır-həyanı itirməkdən qorxursan? Unutma: bir qız üçün abır-həya onun bütün var-yoxu deməkdir. Sənin üçün isə bu artıq yükdür, boyunduruqdur. Öküz də abır-həyalı heyvandır, ancaq yediyi quru otdur. Ac qalmaq istəmirsənsə, öz artıq yükündən, boyunduruğundan xilas olmalısan!
Başkin kürən adam idi, üzünü aktyorlar kimi tərtəmiz qırxdırırdı. Balaca cüssəsinin yumşaq və çevik hərəkətləri onu pişiyə bənzədirdi. O mənimlə müəllimim və himayədarım kimi davranırdı. Görürdüm ki, həyatda uğur qazanmağımı və xoşbəxt olmağımı necə ürəkdən arzulayır. Xeyli ağıllı olan bu adam çoxlu kitablar oxumuşdu. «Qraf Monte Kristo»[3 - Qraf Monte Kristo – Aleksandr Dümanın 1844–46-cı illərdə yazmış olduğu roman] isə həmin kitabların hamısından daha çox xoşuna gəlmişdi.
Mənə xoş münasibət bəsləyən başqa biri də vardı: Trusov. O da xoşsifət, yaxşı geyinib-kecinən, musiqiçi barmaqları kimi incə barmaqları olan bir adam idi. Lakin şəxsiyyəti mənə şübhəli görünürdü. Onun Admiralteyskaya qəsəbəsində üzərinə «Saatsaz» yazılmış dükanı vardı. Lakin əsl peşəsi oğurluq malların başını əkmək, onların izini itirmək idi.
Trusov həyasızlıqla parıldayan hiyləgər gözlərini süzdürüb çal saqqalını şəstlə tumarlayır, mənə soyadımla müraciət edərək deyirdi:
– Peşkov, sən oğurluq kimi dəcəlliklərə adət eləmə! Görürəm, sənin yolun başqadır, bizim kimi deyilsən, kitaba, oxuyub-öyrənməyə həvəsin, marağın böyükdür. Sən mənəviyyat adamısan, sənin yolun elm yoludur, həmin yolla da get!
– «Mənəviyyat adamı» nə deməkdir?
– Yəni belə bir adamda heç bir şeyə paxıllıq yoxdur, onda hər şeyə qarşı yalnız maraq var.
Bu mənim haqqımda düzgün fikir deyildi; çünki mən bir çox şeylərə qibtə edirdim, həm də çox qibtə edirdim; məsələn, Başkinin şeirə bənzər, bəlağətli danışığı məndə həsəd hissi doğururdu. Düzdür, səsi boğuq və batıq idi, ancaq sözləri təmtəraqlı idi! Bu sözlərdə sanki bülbül cəh-cəhini andıran sədalar cingildəyirdi. Üstəlik, danışarkən gözlərini yumub tez-tez yüngül bir hərəkətlə əlini sinəsinə, ürəyinin üstünə qoyur, ahəngdar bir halda yırğalanırdı.
Ya da elə Trusovun özü… Mən ona da həsəd aparırdım. O, Sibir, Xivə, Buxara haqqında çox maraqlı şeylər danışırdı.
Bir sözlə, mənim qibtə etdiyim çox şey vardı həyatda. Elə isə, haradan «mənəviyyat adamı» oldum?
4
Yeni tanış olduğum bu adamlar bəzən bürkülü gecələrdə balaca Kazanka çayının o biri tayına keçir, orada çəmənlikdə, kollar arasında yeyib-içməyə başlayırdılar. Bu zaman öz işləri, yaxud həyatın çətinliyi barədə həvəslə danışır, öz dərdlərini dilə gətirir, ötüb-keçənləri yada salırdılar.
– Budur, mənim başıma belə bir iş gəlmişdi… – aralarından kimsə sözə başlayırdı.
Hekayəni dinlədikdən sonra digərləri onunla razılaşırdılar:
– Bəli, belə şeylər də olur, həyatda hər şey mümkündür…
«Olmuşdu», «olur», «olurdu» – bu sözləri dinlədikcə mənə elə gəlirdi ki, bu gecə həmin adamlar öz həyatlarının sonuna gəlib çatıblar: onların həyatında hər şey baş verib qurtarıb, bundan sonra heç nə olmayacaq.
Bu isə məni Başkindən və Trusovdan uzaqlaşdırırdı. Mən onlarda gələcəyə dair heç bir əlamət sezmirdim, halbuki özümün gələcəklə bağlı nə qədər xəyalım, planım vardı. Lakin onlar yenə də mənim xoşuma gəlirdi. Onlarla aramda başqa oxşarlıqlar tapır, başa düşürdüm ki, bir gün hər şeyi atıb tamamilə onlara qoşulsam, bunda təəccüblü heç nə axtarmamaq lazımdır.
Eyni zamanda mən yeni-yeni tanışlar tapmaqda idim. Yevreinovların mənzili yanındakı açıqlıqda gimnazistlər toplaşıb qorodki oyunu oynayırdılar. Bu gimnazistlərin arasında Quri Pletnyov adlı biri məni özünə valeh etmişdi. O, yapon kimi qarayanız idi, göyümtül saçı vardı. Həmişə olduqca şən görünürdü. Üstəlik, hazırcavab idi. Musiqini hədsiz sevirdi. Böyük məharətlə balalayka və qarmon çalırdı. Yoxsul idi, bunu nimdaş əyin-başından anlamaq o qədər də çətin deyildi. Cırıq köynəyi, yamaqlı şalvarı və dəlik-deşik çəkmələri onun haqqında hər şeyi deyirdi.
Quri uzun və ağır xəstəlikdən sonra təzəcə ayağa qalxmış, ya da elə dünən həbsxanadan çıxmış adama oxşayırdı: həyatda hər şey onun üçün təzə və xoş idi.
O, çətin şəraitdə yaşadığımı öyrənəndə mənə öz yanına köçməyi və kənd müəllimliyinə hazırlaşmağı təklif etdi. Mən razılaşdım.
Budur, indi mən Kazan tələbələrinin bir neçə nəslinə tanış olan və «şən səfillər məskəni» adlandıra biləcəyimiz böyük və yarıuçuq evdə yaşayıram. Onu «Marusovka» adlandırırlar.
Pletnyov koridordan çardağa qalxan pilləkənin altında məskunlaşmışdı. Burada taxt, koridorun axırındakı pəncərənin yanında isə bir stol və cəmi bir stul vardı. Koridora üç qapı açılırdı. Həmin qapılardan ikisinin arxasında səfil qadınlar yaşayırdı. Üçüncü qapının arxasında isə vərəm xəstəliyi olan bir riyaziyyatçı olurdu. O, seminaristlərdən[4 - Seeminarist – seminariya tələbəsi] idi.
Riyaziyyatçının uzun boyu vardı. Arıq idi, üz-gözünü cod sarı tüklər basmışdı. Əynindəki çirkli cır-cındırlar bədənini güclə örtürdü. Bir sözlə, görkəmi qorxunc idi. Əynindəki cındırların yırtıqları arasından gözə çarpan göyümtül dərisi və çıxıq qabırğaları adamı xüsusilə vahiməyə salırdı.
O, qan çıxıncaya qədər gəmirdiyi dırnaqları ilə elə bil özünü yedirib-bəsləyir, gecə-gündüz nə isə cızır, hesablayır, ara vermədən boğuq səslə öskürürdü.
Qonşuluqda qalan səfil qadınlar riyaziyyatçını dəli hesab edir və ondan çəkinirdilər. Lakin ona yazıqları gəldiyi üçün qapısı ağzına çörək, çay və qənd qoyurdular. Riyaziyyatçı isə bu düyünçələri döşəmə üstündən götürüb yorğun at kimi fınxıra-fınxıra otağına aparırdı. Əgər qadınlar unudaraq, ya da başqa bir səbəbə görə ona sovqat gətirməsəydilər, riyaziyyatçı qapını açıb üzünü koridora tutur və xırıltılı səslə bağırırdı:
– Çörək!
Arabir onun yanına balaca cüssəli, qozbel, əyriayaqlı, çalsaçlı, üzündə daim hiyləgər təbəssüm işıldayan eybəcər bir adam gəlirdi. Şişkin burnu üstündə böyük eynək olan bu adam içəri keçdikdən sonra riyaziyyatçı qapını möhkəmcə örtürdü. Sonra isə onlar birlikdə dinməz-söyləməz otururdular.
Bu qəribə sükut cəmi bir dəfə pozuldu.
Həmin vaxt gecədən xeyli keçmiş mən riyaziyyatçının qəzəbli və xırıltılı səsinə yuxudan oyandım.
– Mən isə deyirəm – həbsxanadır! Həndəsə – qəfəsdir, bəli! Siçan tələsidir, bəli! Həbsxanadır!
Qozbel, eybəcər adam isə dönə-dönə nəsə qəribə bir sözü təkrarlayaraq zingiltili səslə hırıldayırdı. Birdən riyaziyyatçı bağırdı:
– Cəhənnəm ol burdan! Rədd ol!
Plaşının ətəkləri yellənən qonaq özünü koridora saldı. Riyaziyyatçı da onun arxasınca qapı ağzınadək çıxdı. Əl barmaqlarını pırtlaşıq saçlarına keçirib bayaqkı xırıltılı səslə dedi:
– Evklid[5 - Evklid – qədim yunan riyaziyyatçısı] axmaqdır! Axmaq… Mən isbat edəcəyəm ki, Tanrı o yunandan ağıllıdır.
Sonra o, qapını elə bərkdən örtdü ki, otağında nə isə gurultu ilə yerə düşdü.
Çox keçmədən mən öyrəndim ki, bu adam riyaziyyata əsaslanıb Allahın varlığını sübut etmək istəyir. Di gəl, o bu istəyinə çatmamış öldü.
5
Pletnyov gecələr mətbəədə bir qəzetin korrektoru[6 - Korrektor – mətndəki orfoqrafik və qrammatik səhvləri aşkar edərək düzəldən mütəxəssis] vəzifəsində işləyirdi. Hər gecə isə bu işinə görə on bir qəpik pul qazanırdı. Mən hələ heç bir şey qazanmadığım zamanlar biz dörd girvənkə[7 - Girvənkə – 400 qrama bərabər köhnə ağırlıq ölçüsü] çörək, ikiqəpiklik çay, üçqəpiklik şəkər işlədir, bununla bir günü yola verirdik.
Mənim işləməyə, sadəcə, vaxtım çatmırdı. Oxumaq lazım idi. Olduqca böyük bir çətinliklə elmlərin öhdəsindən gəlirdim. Xüsusilə qrammatikanı öyrənmək mənə əzab verirdi.
Lakin tezliklə məlum oldu ki, oxumağa vaxtından əvvəl başlamışam: əgər imtahanları uğurla vermiş olsam belə, kənd müəllimliyi üçün hələ yaşım çatmırdı.
Pletnyovla mən eyni taxtda yatırdıq: gecələr taxt mənim, gündüzlər isə onun idi. O, işdən səhər qayıdırdı. Yuxusuz keçən gecədən sonra onun sifəti sanki bir az da qaralırdı, gözləri isə şişmiş olurdu.
Quri evə çatan kimi mən dərhal qaynar su dalınca yüyürürdüm. Çünki nə çaydanımız, nə də samovarımız vardı. Sonra gətirdiyim qaynar su ilə çay dəmləyir, ardınca pəncərə qabağında oturub çörəklə çay içirdik. O, qəzet xəbərlərini mənə nağıl eləyir, bu zaman zarafatlarından da qalmırdı. Qurinin bu qədər məşəqqətli həyat içində şən əhvali-ruhiyyəsini qoruması məni təəccübləndirirdi.
Çaydan sonra Pletnyov yatır, mən isə iş axtarmağa gedirdim. Evə axşamdan xeyli keçmiş, Quri mətbəəyə gedən zaman qayıdırdım. Əgər mən çörək, kolbasa, yaxud bişmiş içalat gətirirdimsə, biz bu qəniməti yarı bölürdük. Pletnyov öz payını götürüb gedirdi.
Tək qaldığım vaxtlarda «Marusovka» nın koridorlarında dolaşaraq buraya yerləşən adamların necə yaşadıqlarına göz yetirirdim. Ağzına qədər adamla dolu olan bu ev qarışqa yuvasına oxşayırdı. «Marusovka» səhərdən gecə keçənədək uğuldayırdı: paltartikən qadınların maşınları şaqqıldayır, opera xorunda oxuyan qızlar məşq edirdi. Bütün bu səslərə kiminsə şən qəhqəhəsi, kiminsə qəzəbli çığırtısı qarışır, bir sözlə, bəzən, ümumiyyətlə, ağız deyəni qulaq eşitmirdi.
Evdə qalan ac, yoxsul gənclər arasında biri xüsusilə diqqətimi çəkmişdi. O, sarıbəniz idi, daz başı, enli sifəti, çubuq kimi nazik ayaqları, iri ağzı vardı. Bu gənc bütün günü veyillənirdi. Dişləri at dişlərinə bənzədiyi üçün ona «Kürən At» ləqəbi vermişdilər. Üçüncü il idi ki, tacir olan bir qohumu ilə məhkəmə davası aparırdı. Rastına çıxan hər kəsə bunu elan edir, ardınca da mütləq deyirdi:
– Ölsəm də, qalsam da, gərək onu müflis edib axırına çıxam! Qoy dilənçi gününə düşüb qapı-qapı gəzsin, üç il sədəqə dilənib yaşasın! Yalnız bundan sonra ondan məhkəmə yolu ilə nə alacağamsa, hamısını özünə qaytaracağam. Sonra isə soruşacağam: «Hə, necəsən, şeytan balası? Bax belə olar!
«Deməli, sənin həyatının yeganə məqsədi budur?» – ondan soruşardılar.
– Hələ ki hə! Bütün varlığımla bu işə baş vurmuşam, bundan başqa məni heç nə düşündürmür.
Kürən Atın bütün günü məhkəmədə, ya da vəkilinin yanında keçirdi, axşamlar isə qonaqlıqlar düzəldirdi. Tələbələri, paltartikən qadınları, bir sözlə, doyunca yeyib-içmək istəyən hər kəsi bu dəvət edir, elə ki sərxoş olurdu, o saat başlayırdı:
– Mənim sevimli quşcuğazlarım! Sizi ürəkdən sevirəm, siz namuslu adamlarsınız. Mən isə yaramazın biriyəm, acgöz timsaham, çünki tacir qohumumun axırına çıxmaqdan başqa bir şey barədə fikirləşmirəm. Bunu hər şeydən çox istəyirəm, istəyimə də çatacağam. Buna şübhəniz olmasın.
Bunu deyib susur, çox keçmədən məclisdəkiləri ilk dəfə görürmüş kimi gözdən keçirir və qışqıraraq deyirdi:
– Siz nə cür yaşayırsınız?! Belə də yaşayış olar?! Aclıq, soyuq, cır-cındır paltar… Bu nə qədər doğrudur? Eh, əgər padşah sizin necə yaşadığınızı bir bilsəydi…
Sözünü tamamlamaz, dərhal cibindən bir dəstə kağız pul çıxarıb təklif edərdi:
– Kimə pul lazımdırsa, götürsün. Götürün, qardaşlar, götürün!
Xorda oxuyan qızlar, paltartikən qadınlar acgözlüklə bu pulları Kürən Atın tüklü əllərindən qapar, o isə qəhqəhə çəkib deyərdi:
– Canım, sizə vermirəm! Tələbələrə təklif edirəm.
Lakin tələbələr ondan pul almazdılar.
Bir dəfə mən ondan soruşdum ki, bu qədər pulu varsa, niyə mehmanxanada yox, burada yaşayır.
– Əzizim, ürəyim belə istəyir! – deyə Kürən At cavab verdi. – Sizinlə bir yerdə ürəyim isinir…
6
Bir gün köhnə tanışım Nikolay Yevreinovla yenidən qarşılaşdıq və o məni müəmmalı bir adamla tanış elədi. Həmin tanışlıqdan sonra ürəyimə dammışdı ki, nəsə çox ciddi şeylər baş verəcək.
Belə ki, bir dəfə Nikolay məni yanına salıb şəhərin kənarına, Arskoye çölünə apardı. Yolda xəbərdarlıq etdi ki, bu tanışlıq məndən son dərəcə ehtiyatlı olmağı tələb edir, mən gərək bu tanışlığı həmişə gizli saxlayım. Sonra o mənə xeyli irəlidə boş çöl ilə ağır-ağır addımlayan kiçik bozumtul bir fiquru göstərdi, ətrafa boylanıb yavaşdan dedi:
– Bax odur! Onun dalınca gedin, elə ki dayandı, yaxınlaşıb belə deyərsiniz: «Mən bura təzə gəlmişəm».
Gizli və sirli şeylər adama həmişə xoş gəlir. Lakin burada mənə gülməli göründü: isti, günəşli bir gün idi, ətrafda ikimizdən başqa, bir də, irəlidə gedən adam vardı. Elə isə, bu qədər ehtiyatlı olmaq nəyə lazım idi?
Mən Nikolaydan ayrıldım, iti addımlarla onun göstərdiyi adamın arxasınca getdim. Nəhayət, çölün bir hissəsini tutan qəbiristanlığın darvazası önündə ona yetişdim. İndi qarşımda balaca quru üzü və sərt baxışlı yumru gözləri olan bir gənc dayanmışdı. Əyninə boz gimnazist paltosu geyinmişdi, köhnə furajkasında[8 - Furajka – qabaq tərəfində günlüyü olan baş geyimi] gerbin izi qalmışdı.
Ona Yevreinovun mənə öyrətdiyi kimi, bura təzə gəldiyimi söylədim. Biz qəbiristanlığa adladıq, məzarların arası ilə uzanan sıx kolların kölgəsində oturduq.
Bu adam olduqca quru və işgüzar əda ilə danışırdı. Odur ki elə də xoşuma gəlmədi. Məni oxuduqlarım barədə uzun-uzadı və ciddi şəkildə sorğu-suala tutdu. Axırda isə özünün yaratdığı dərnəyin məşğələlərinə qatılmağı təklif etdi. Mən razılıq verdim. Biz ayrıldıq: əvvəlcə o, ətrafı ehtiyatlı şəkildə gözdən keçirib yola düzəldi, sonra da mən.
Dərnəkdə məndən savayı üç-dörd gənc də iştirak edirdi. Onların arasında yaşca ən kiçiyi mən idim. Biz Müəllimlər İnstitutunun tələbəsi Milovskinin mənzilində toplaşırdıq. Milovski dinib-danışmayan, fikirlərini qorxa-qorxa büruzə verən bir adam idi. Onunla bir yerdə olduqda adamın ürəyi sıxılırdı. Elə dərslərin də ürəyimcə olduğunu söyləyə bilmərəm. Buna görə də bir müddət sonra yenidən Volqa çayının sahilinə, zəhmətkeş insanların arasına can atmağa başladım.
Həmin günlərdə Kazan yaxınlığında yüklə dolu bir barj[9 - Barj – yastıdibli, enli, adətən, yedəkdə aparılan böyük yük gəmisi] altı deşildiyi üçün suya oturmuşdu. Yükdaşıyanlar barjı boşaltmaq üçün məni də özləri ilə aparmışdılar. Sentyabr ayı idi. Yuxarı tərəflərdən külək əsir, çayın üzərində hiddətlənmiş dalğalar dayanmadan atılıb-düşürdü. Əlli nəfərədək yükdaşıyan həsir və brezentlərə[10 - Brezent – sukeçirməyən qalın parça] bürünərək qaşqabaqlı halda boş bir barjın göyərtəsində yerləşmişdilər. Balaca bir yedək gəmisi isə sanki tövşüyə-tövşüyə barjı çəkib aparırdı.
Qaranlıq qovuşurdu. Yükdaşıyanlar yağışa, küləyə, həyata lənətlər yağdıraraq deyinir, soyuqdan və rütubətdən qorunmaq üçün yer axtararaq göyərtədə tənbəl-tənbəl ayaqlarını sürüyürdülər. Mənə elə gəlirdi ki, bu yarıyuxulu adamların əlindən bir iş gələn deyil və onları havayı yerə yükləri xilas etməyə aparırlar.
Gecəyarısına yaxın gəlib çayın aşırımına çatdıq. Bizim barj suya oturmuş barjın böyrünə yan aldı. Yükdaşıyanların başçısı daz başından papağını çıxarıb zil arvad səsi ilə bağırdı:
– Dua edin, uşaqlar!
Başçı üzü çopur, burnu və gözləri isə çalağan dimdiyinə və gözlərinə oxşayan qoca idi. O, hiyləgər və ətiacı adam idi, zəvzəklik eləməkdən xoşu gəlirdi.
Yükdaşıyanlar topa halında barjın göyərtəsində yığışıb ayı kimi donquldanmağa davam edirdilər. Başçı isə duanı hamıdan tez qurtararaq zingildədi:
– Fənərləri götürün! Haydı, qoçaqlar, hünərinizi göstərin! Namusla işləyin, balalarım! Ya Allah, başlayın!
Dərhal bu ağır tərpənişli, tənbəl və islanmış adamlar «hünərlərini göstərməyə» başladılar: döyüşə atılırmış kimi çığırışaraq batmış barjın göyərtəsinə və anbarına hücum çəkdilər. Onlar elə işləyirdilər ki, sanki çoxdandır ürəkləri iş üçün alışıb-yanırmış.
Bu vaxt ya yükün sahibi, ya da yük sahibinin köməkçisi olan irigövdəli, uzunsaqqallı adamın həyəcanlı bağırtısı eşidildi:
– Haydı, qoçaqlar, tez olun! Haqqınızı artıqlaması ilə alacaqsınız. Bir vedrə şərab! Olsun iki! Bir az da tez, bir az da cəld!
Bu sözlərdən sonra iş daha da qızışdı.
Mən də yük dolu çuvallardan yapışaraq sürüyüb-aparır, bizim barja atır, təzədən yüyürə-yüyürə geri qayıdır, yeni çuvaldan yapışırdım. İşlədikcə daha da vəcdə gəlir, özümü bu çalışqan insanların arasında çox xoşbəxt hiss edirdim.
Birdən yağış daha da güclənib sel kimi şırıldadı.
– Daha bəsdir! – deyə kimsə qışqırdı, lakin qəzəbli səslər dərhal onu cavab atəşi ilə susdurdu:
– Yum ağzını, bu nə sözdür!
Beləliklə, yükdaşıyanlar bütün malları boşaldana kimi dinclərini almadan çalışdılar. Sonra isə gəmiyə keçərək illərdir yuxusuz qalıblarmış kimi yıxılıb yatdılar.
Səhəri gün oğru Başkinlə görüşəndə o, üst-başımı gözdən keçirərək dedi:
– Bu nədir, səni nə günə salıblar!
Mən sevinc hissi ilə gördüyümüz iş haqqında ona danışdım. Başkin isə mənə qulaq asıb köksünü ötürdü, həqarətlə dedi:
– Axmaq! Axmaqdan da betərsən, zırramasan!
Sonra isə fit çala-çala çıxıb getdi.
7
Andrey Derenkov balaca bir baqqal dükanının sahibi idi. Dükan yoxsul və dar bir küçənin axırındakı zir-zibilli yarğanın üstündə yerləşirdi.
Məni onunla kimin tanış etdiyini xatırlamıram.
Bir qolu qurumuş, balacaboy adam olan Derenkovun mehriban üzü, sarımtıl saqqalı, ağıllı gözləri vardı. Onun qadağan edilmiş və nadir tapılan kitablardan ibarət kitabxanası şəhərdə ən yaxşı kitabxana hesab edilirdi.
Kazandakı saysız-hesabsız məktəb və universitetlərin tələbələri, eləcə də inqilabi əhvali-ruhiyyəli adamlar bu kitabxanaya tez-tez üz tuturdular.
Derenkovun dükanının qapısı böyük bir otağa açılırdı. Həyətə baxan tək pəncərədən bu otağa zəif işıq düşürdü. Otağın yanında darısqal bir mətbəx, onun dalında isə anbar yerləşirdi. Həmin kitabxana da burada gizli saxlanılırdı. Kitabxanadakı kitabların bir hissəsi qələmlə qalın dəftərlərə köçürülmüşdü. Bu əlyazmalar dəfələrlə oxunmuş və əzilmişdi.
Mən ilk dəfə dükana gələndə Derenkov alıcılarla məşğul idi. Məni görəndə başının işarəsi ilə otağa açılan qapını göstərdi. İçəri girib gördüm ki, bir qoca alaqaranlıq otağın bir küncündə diz çöküb və ürəkdən dua edir.
Qoca duasını qurtardıqdan sonra səliqə ilə başının və saqqalının ağ tüklərini tumarladı, məni diqqətlə süzüb dedi:
– Mən Andreyin atasıyam. Siz kimsiniz?
Özümü ona təqdim etdim. Qoca əlavə heç nə soruşmayıb mətbəxə keçdi.
Mətbəxə açılan qapının ağzında ağ paltarlı bir qız dayanmışdı. Onun açıqrəngli saçları qısa kəsilmişdi.
– Nə üçün qorxdunuz? Yəni mən bu qədər dəhşətliyəmmi? – qız ona heyrətlə baxdığımı görüb dilləndi. Sonra isə divardan tuta-tuta ehtiyatla, ağır-ağır addımlayaraq mənə doğru gəlməyə başladı. O elə hərəkət edirdi ki, sanki möhkəm bir döşəmənin üstü ilə deyil, havada dartılmış kəndirin üstü ilə yeriyirdi. Fikir verib gördüm ki, qızın bütün vücudu titrəyir, ancaq əlləri qəribə bir tərzdə hərəkətsizdir.
Qız, nəhayət, elə ehtiyatla stula əyləşdi ki, sanki stulun bu dəqiqə altından çıxıb uçacağından qorxurdu. O mənə heç kəsin eşitmədiyi şəkildə dedi ki, əlləri-ayaqları tutulduğu üçün yorğan-döşəkdə yatırmış və cəmi beş gündür ayağa qalxıb.
– Bu nəsə əsəblə bağlı bir xəstəlikdir, – deyə qız axırda gülümsəyib əlavə etdi.
Bu vaxt təxminən mən yaşda olan sarısaçlı bir oğlan dükandan içəri girdi, qızı görüncə qışqıraraq dedi:
– Marya, sən niyə yatağından qalxmısan!
– Bu mənim kiçik qardaşım Alekseydir, – deyə qız izah etdi. Mən özüm isə mamaçalıq kursunda oxuyuram. Axı siz nə üçün dinib-danışmırsınız? Doğrudanmı bu qədər utancaqsınız?
Mən yenə dillənmədim.
Derenkov içəri gəldi, bacısının yumşaq saçlarını tumarladı, məndən nə cür iş axtardığımı soruşdu. Fəhləlik edə biləcəyimi dedim. O isə hələlik evin əl-ayaq işləri ilə məşğul olmağımı tapşırdı.
Həmin gündən hər gün Derenkovgilə gedib-gəlirdim. Onun kiçik qardaşı Aleksey tənbəl və kobud idi, alver işində Derenkova kömək edirdi. Üçüncü qardaş İvan isə Müəllimlər İnstitutunda oxuyur və orada yataqxanada yaşayır, yalnız bayram günlərində evə gəlirdi. İvan təmiz geyimli, saçları səliqə ilə daranmış çinovniklərə oxşayırdı. Balacaboy idi. Xəstə Marya isə evin çardağında yaşayır və nadir hallarda aşağı düşürdü.
Derenkovun mənzilinin daimi qonaqları da vardı: ayrı-ayrı universitetlərin tələbələri. Onlar bura, sadəcə, kitabxanadakı kitabları oxumaq məqsədilə gəlmirdilər. Həm də saatlarca oturub inqilabi mövzularda müzakirələr aparırdılar.
Çox vaxt qonaqları yola saldıqdan sonra Derenkov gecələmək üçün məni öz yanında saxlayırdı. Biz otağı sahmana salıb döşəməyə sərilmiş keçə üstündə uzanırdıq, sonra ikonanın[11 - İkona – xristianlıqda İsa peyğəmbərin, Məryəm ananın və digər müqəddəslərin təsvirini verən boyakarlıq əsəri; dini sitayiş obyekti] qarşısında yanan çırağın işığında dostcasına və pıçıltı ilə uzun-uzadı söhbət edirdik. O, tələbələri nəzərdə tutub deyirdi:
– Elə bir gün gələcək ki, bu cür minlərlə, on minlərlə yaxşı adam bir yerə yığılacaq və Rusiyada bütün həyatı dəyişəcəklər. Onlar Rusiyaya xoşbəxtlik və səadət gətirəcəklər.
Çox vaxt mən də inqilabçı ruhlu tələbələrin söhbətlərinə qulaq kəsilir, ancaq bu söhbətlərə qoşulmurdum. Heç qoşula da bilməzdim: çünki həmin söhbətlərin bir çoxunu anlamaqda çətinlik çəkirdim. Lakin bir şey dəqiq idi: onların Rusiyanın gələcəyi ilə bağlı inqilabi arzuları mənim arzularımla tamamilə üst-üstə düşürdü.
8
Elə ki payız düşdü, mən daimi iş tapmaq qərarına gəldim, yoxsa bu cür yaşamaq artıq mümkün deyildi. Derenkovgildə düzəməlli bir işim yox idi, bu isə o demək idi ki, özgə çörəyi ilə dolanıram. Özgə çörəyi isə həmişə adamın boğazından çətinliklə keçir. Uzun axtarışlardan sonra Vasiliy Semyonovun çörəkxanasında iş və qalmaq üçün yer tapdım.
Mən gün ərzində on dörd saat işləməli olurdum, ona görə də əvvəlki dostlarla, tanışlarla görüşməyə vaxt qalmırdı. Bazar günləri isə yıxılıb yatır, bədənimdəki bir həftəlik yorğunluğu bu yolla çıxarmağa çalışırdım.
Pasxa bayramı[12 - Pasxa bayramı – yəhudilərin və xristian xalqlarının dini bayramı] ərəfəsi idi. Mən Derenkovgildən qayıdırdım. Boranlı, çovğunlu gecəydi. Küləyə doğru güc-bəla ilə addımlayırdım. Birdən ayağım səki üzərində sərilmiş bir adama ilişdi. Üzüüstə yerə yıxıldım. Hər ikimiz söyüş söydük. Mən rusca söydüm, yerə sərilmiş adam isə fransızca donquldandı:
– Ah, şeytan…
Bu məndə maraq doğurdu, onu yerdən qaldırdım. O, balacaboy, arıq adam idi. O məni itələyərək qışqırmağa başladı:
– Bəs mənim şapkam hanı? Tez ol şapkanı ver, yoxsa donaram! Tez ol!
Qarın içindən şapkanı tapıb üstünü çırpdım, sonra isə onu sahibinin başına keçirdim. Lakin o, şapkanı başından çıxarıb əlində yelləyərək:
– Rədd ol buradan! – deyə bağırdı.
Sonra qəfildən irəli atıldı və qaranlıqda yox oldu. Mən yoluma davam etdim. Bir qədər sonra həmin adam yenidən qarşıma çıxdı. Bu dəfə o, fənəri sönmüş dirəyi qucaqlayaraq dayanmışdı, yalvarış dolu səslə deyirdi:
– Lena, məhv oluram… Ah, Lena…
Aydın görünürdü ki, adam sərxoşdur. Əgər mən onu küçədə qoyub getsəydim, güman ki, soyuqda qalıb donacaqdı. Ondan harada yaşadığını soruşdum.
– Bu hansı küçədir? – deyə adam ağlamsına-ağlamsına qışqırdı. – Mən hara gedəcəyimi bilmirəm.
İşi belə görüb qolumu onun belinə doladım və sürüyüb-aparmağa başladım. Yol uzunu ondan elə hey harada yaşadığını soruşur, qaldığı evi xatırlayacağına ümid edirdim. Nəhayət, o qəfildən diksinərək cavab verdi:
– Bulakda oluram! Bəli, Bulakda… Orada hamam var, ev də onun yaxınlığındadır.
Adını hələ də öyrənə bilmədiyim bu adam ayağı dolaşa-dolaşa yeriyir, ona görə mənim getməyimə də mane olurdu. Dişləri bir-birinə dəyir, hiss olunurdu ki, əməllicə üşüyür.
Bulaka gəlib çatdıqda mən böyük çətinliklə ondan qaldığı evin yerini dəqiq öyrənə bildim. Axır ki, bir həyətin dal tərəfində qar yığını içində gizlənmiş balaca bir binanın dəhlizinə daxil olduq. O, əliylə divarı yoxlayıb qapını tapdı. Sonra isə ehtiyatla qapını döyüb fısıldadı:
– Şşş! Yavaş…
Qapını əlində yanan şam tutmuş bir qadın açdı. O heç nə demədən bizə yol verərək səssizcə kənara çəkildi.
Mən qadına dedim ki, böyük ehtimalla bu adamın əlləri donub, odur ki indi onu tez soyundurub yorğan-döşəyə salmaq lazımdır.
– Doğrudan? – deyə qadın təravətli bir səslə soruşdu.
– Əllərini də soyuq suya salmaq lazımdır.
Qadın heç bir söz demədən evin küncünü göstərdi: orada molbert[13 - Molbert – rəssamın şəkil üzərində işləməsi üçün lazım olan üç və ya dördayaqlı dayaq; rəssam dəzgahı] üzərində çay və ağacların təsvir olunduğu lövhə vardı.
Qadının mənə oranı göstərməsinin səbəbini başa düşmədim. Soruşmağa isə nədənsə ürək eləmədim. Eləcə heyrətlə qadının qəribə, donuq sifətinə baxdım.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/maksim-gorkiy/m-nim-universitetl-rim-68289874/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
Примечания
1
Kazan – Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı
2
Volqa – Rusiyanın Avropa hissəsində çay
3
Qraf Monte Kristo – Aleksandr Dümanın 1844–46-cı illərdə yazmış olduğu roman
4
Seeminarist – seminariya tələbəsi
5
Evklid – qədim yunan riyaziyyatçısı
6
Korrektor – mətndəki orfoqrafik və qrammatik səhvləri aşkar edərək düzəldən mütəxəssis
7
Girvənkə – 400 qrama bərabər köhnə ağırlıq ölçüsü
8
Furajka – qabaq tərəfində günlüyü olan baş geyimi
9
Barj – yastıdibli, enli, adətən, yedəkdə aparılan böyük yük gəmisi
10
Brezent – sukeçirməyən qalın parça
11
İkona – xristianlıqda İsa peyğəmbərin, Məryəm ananın və digər müqəddəslərin təsvirini verən boyakarlıq əsəri; dini sitayiş obyekti
12
Pasxa bayramı – yəhudilərin və xristian xalqlarının dini bayramı
13
Molbert – rəssamın şəkil üzərində işləməsi üçün lazım olan üç və ya dördayaqlı dayaq; rəssam dəzgahı