Paris Notrdam kilsəsi
Viktor Hüqo
Dünya ədəbiyyatından seçmələr
Bu romanda müəllif Kvazimodo, Klod Frollo, Esmeralda kimi obrazların timsalında dinin insanları, cəmiyyəti öz əsarəti altında saxlaması, hüquqsuzluq, cəhalət və s. kimi məsələlərə toxunur.
Viktor Hüqo
PARİS NOTR-DAM KİLSƏSİ
Böyük salonda misteriya[1 - Misteriya (lat. ayin, ritual) – din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından bir. Mistteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi.]
Düz üç yüz qırx səkkiz il altı ay on doqquz gün bundan əvvəl parislilər paytaxtın üç hissəsində – Qədim şəhərdə, Universitet məhəlləsində və Yeni şəhərdə gurlayan kilsə zənglərinin səsinə yuxudan oyandılar.
Bütün Paris əhalisini 1482-ci il yanvarın 6-da həyəcana gətirən bu təntənə ta qədim zamanlardan bəri Fransa paytaxtında birlikdə keçirilən Xaç bayramı[2 - Xaç bayramı – İsa peyğəmbərin xatirəsi ilə bağlı keçirilən kilsə bayramı; dini rəvayətə görə, İsa peyğəmbər Müqəddəs Ruh tərəfindən İordan çayının suyunda xaçlanıb] və Təlxəklər bayramı idi. Həmin gün müxtəlif şənliklər olacaqdı. Qrev meydanında əyləncə ocaqları yanacaq, Brak ibadətxanası yaxınlığında ağac əkiləcək, məhkəmə binasında isə misteriya tamaşası veriləcəkdi.
Bu barədə qabaqcadan, Paris qalabəyisinin sinələrində ağ rəngli xaç olan yasəməni qamlot[3 - Qamlot (yun. kamelos, fr. camelot – dənə) – yundan toxunmuş kobud parça] kaftan[4 - Kaftan – uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir.] geyinmiş carçıları şeypur çalaraq bütün kü- çələrə və meydanlara xəbər vermişdilər.
Səhər tezdən başlayaraq şəhərin kişi və qadınları dəstə-dəstə hər tərəfdən bu üç məntəqəyə doğru axışırdılar. Hər kəs öz zövqünə görə seçirdi: kimi əyləncə ocaqlarını, kimi ağac əkməyi, kimi də misteriyanı. Camaatın əksəriyyəti məhkəmənin isti və böyük salonunda oynanılacaq misteriyaya baxmağa gedirdi. Məhkəmə binasının qarşısındakı meydana yaxın küçələr başdan-başa adamla dolmuşdu. Çünki hər kəs iki gün əvvəl buraya gəlmiş Flandriya[5 - Flandriya – Avropanın şimal-qərbində yerləşən tarixi ərazi: indiki Fransa, Belçika və Hollandiyanın bir hissəsini əhatə edirdi.] səfarətinin həm misteriya tamaşasında, həm də yenə böyük salonda vaqe olacaq təlxəklər papası seçkisində iştirak etmək niyyətindəydi.
Bütün yer üzündə ən geniş bir bina sayılsa da, bu salona daxil olmaq çox çətin bir məsələ idi. Məhkəmə binasının qarşısındakı meydan camaatla dolduğundan pəncərələrindən meydana baxan şəhər sakinlərinə böyük bir insan dənizi təsiri bağışlayırdı. Oraya daxil olan beş-altı küçə böyük çay kimi arasıkəsilmədən hər dəqiqə yeni-yeni insan dalğaları axıdırdı. Getdikcə böyüyən dalğalar ətrafdakı evlərin tinlərinə sahilə çarpan kimi çarpırdı. Xalq binanın yüksək, qotik[6 - Qotik və ya qotika – Qərbi Avropanın orta əsr memarlığında: çatma tağ və qübbələri, çoxlu daş oymaları və bəzəkləri, həmçinin yuxarı qalxdıqca incələşən arxitektura formaları ilə fərqlənən memarlıq üslubu] fasadının ortasındakı böyük pilləkəndən yuxarıya və aşağıya doğru axışırdı; bu cərəyan pilləkənin meydançasında ikiyə ayrılırdı. Fəvvarə hovuza tökülən kimi, pilləkən də arasıkəsilmədən meydana axırdı. Minlərlə insanın arasından qopan bağırtılar, qəhqəhələr və ayaq səsləri bitməz və tükənməz bir gurultuya dönürdü. Bəzən bu gurultu daha da qüvvətlənirdi: camaatı böyük pilləkənə doğru aparan axın dayanır, geriyə dönür və yeni dalğaya rast gəlib bir yerdə fırlanmağa başlayırdı. Bu o demək idi ki, ya şəhər qarovulu nişançılarından biri öz tüfənginin qundağı ilə kimisə vurmuşdu, ya da serjant[7 - Serjant (fr. sergent) – orduda, polisdə kiçik komanda heyətinin rütbə adı və bu rütbəni daşıyan adam: çavuş] atı şıllaqlayaraq ifrat hücuma qalxan xalqı dayandırmaq istəyirdi. Bu nəcib ənənələr keçmişin mirası olaraq əvvəlcə prevodan[8 - Prevo (fr. prévôt – rəis) – feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru] konnetabl[9 - Konnetabl – kralın hərbi məsləhətçisi] idarəsinə, sonra isə atlı qarovulçulara keçmiş, bir müddətdən sonra isə heç bir nöqtəsi dəyişmədən bugünkü Paris jandarmeriyasına[10 - Jandarmériya (fr.) – burjuaziya ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə üçün xüsusi polis qoşunları] gəlib çatmışdı.
Qapıların ağzında, pəncərələrdə, bacalarda və damların üzərində minlərcə şəhərli qaynaşırdı. Onlar məhkəmə binasını, onun qarşısındakı qələbəliyi diqqətlə seyr edir və bundan məmnun qalırdılar. Parisdə indi də tamaşalara baxmaqdan böyük həzz alan insanlar vardır.
Bu salonun böyük paraleloqramının bir ucunda bütöv mərmər parçasından yapılmış məşhur bir masa var; bu masa o qədər uzun, geniş və qalındı ki, Qarqantuanın[11 - Qarqantua – XVI əsr fransız yazıçısı Fransua Rablenin “Qarqantua və Pantaqruel” romanından obraz; əsərdə iki nəhəng qarınqulu olan ata və oğul haqqında bəhs edilir.] iştahasını qaldırmağa qadir idi: salonun o biri başında ibadətxana var idi; bu ibadətxanada XI Lüdovik öz heykəlini Məryəm qarşısında diz üstə qoydurmuşdu. O vaxt altı il əvvəl tikilmiş bu ibadətxana dövrün memarlıq incəliyinə xas məftunedici bir üslubda dərin işləmələr və qəribə heykəllərlə bəzədilərək hazırlanmışdı. İbadətxananın qapısı üzərindəki incə, kiçik və yuvarlaq pəncərə öz gözəlliyi ilə insanı xüsusilə heyran qoyurdu; bu pəncərə krujevalardan hazırlanmış ulduza bənzəyirdi.
Salonun tən ortasında, böyük qapının qarşısında ulduzlu parçalarla örtülmüş bir səhnə var idi. Bu səhnəyə ilk baxışda gözə çarpmayan xüsusi bir yol açılmışdı. Bura misteriya tamaşasına dəvət edilmiş Flandriya səfirləri və başqa yüksəkvəzifəli qonaqlar üçün nəzərdə tutulmuşdu.
Adətə görə, misteriya mərmər masanın üzərində oynanılmalı idi. Bununçün masa hələ səhər tezdən hazırlanmışdı. Masanın ehtişamlı mərmər lövhəsi üzərinə hündür taxta qəfəs qoyulmuşdu; hər tərəfdən göründüyü üçün o, səhnəni əvəz edirdi. Çöl tərəfdən naşıcasına qoyulmuş nərdivan səhnə ilə qarderobu birləşdirirdi. İştirak edənlər həmin nərdivanın iri pillələri ilə həm çıxmalı, həm də düşməliydilər.
İstər bayram, istərsə də edam günlərində nizam-intizamı qoruyan dörd nəfər məhkəmə pristavı mərmər masanın dörd tərəfində dayanaraq keşik çəkirdi.
Tamaşa məhkəmə binasının böyük divar saatları günortanı xəbər verəndə başlamalı idi. Camaat isə səhər tezdən buraya toplaşaraq vəd edilən tamaşanı gözləyirdi. Adamlar getdikcə artır və məcrasından çıxmış çay kimi divarlar boyu uzanır, sütunlar ətrafına toplaşır, divarların karnizlərinə, pəncərələrə dırmanırdılar. Səfirlərin gələcəyi vaxtdan xeyli əvvəl yorğunluq, hövsələsizlik, əyləncə günlərində adət olunan nəzakətsizlik dar bir yerə doluşmuş izdihamdan eşidilən səslərə kəskin və söyüşcül bir rəng vermişdi. Hər tərəfdən şikayətlər və lənətlər yağırdı. Hər kəs öz payını alırdı; nəzakətsiz flamandlara, şəhər rəisinə, Burbon kardinalına[12 - Kardinal – xristian katolik kilsəsinin ruhani rütbəsi: Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasından seçilir.], baş hakimə, əlidəyənəkli polislərə, Paris yepiskopuna qarşı küfr edirdilər. Bütün bunlar məktəblilərə və küçə uşaqlarına ləzzət verirdi. Onlar narazıları daha da qızışdırır, müxtəlif hərəkətləri ilə sanki onları iynələyirdilər.
Bu halda kilsə zəngləri saat on ikini vurdu, hər tərəfdən “nəhayət” nidaları yüksəldi. Kütlə hərəkətə gəlib daldalandı, hamı birdən-birə öskürməyə və burunlarını silməyə başladı. Tamaşaçılar misteriya başlamazdan əvvəl üst-başlarını düzəltməyə tələsir, münasib bir yer tapmağa və yaxşı görmək üçün ayaq barmaqları üzərinə qalxmağa çalışırdılar. Sonra araya dərin bir sükut çökdü; hamı boğazını uzadıb, ağzını açıb, gözlərini mərmər masaya dikmişdi. Heykəli andıran dörd serjant yenə əvvəlki kimi masanın ətrafında hərəkətsiz dayanmışdı. Camaat sübh açılandan üç hadisənin intizarındaydı: günorta vaxtının, Flandriya səfirlərinin gəlməsinin və misteriyanın başlanmasının.
Kütlənin səbri tükənməyə başlamışdı. Səhnə hələ də boş idi. Tamaşa başlamaq bilmirdi. Artıq səbirsizlik qəzəbə dönməyə başlamışdı.
Pıçıltıyla olsa da, kütlənin arasında acıqlı nidalar dolaşırdı:
– Başlayın misteriyanı!
– Rədd olsun flamandlar! Misteriyanı başlayın!
– Misteriyanı göstərin, flamandlar isə getsin cəhənnəmə!
– Yoxsa ibrətamiz bir tamaşa göstərmək üçün hakimin özünü dar ağacından asarıq.
Camaatın içərisindən bağırışdılar:
– Çox yaxşı sözdür! Başlanğıc üçün serjantlardan asarıq.
Bərk səs-küy qopdu. Zavallı serjantlar sapsarı saralıb əlacsız halda ətrafa baxırdılar. Onları kütlədən qoruyan kövrək ağac barmaqlıq insan seli qarşısında əyilirdi. Hər tərəfdən:
– Bas, bas! – səsləri eşidilirdi.
Böhranlı dəqiqələr idi. Bu zaman yuxarıda təsvir etdiyimiz otağın pərdəsi açıldı. Pərdənin arxasından bir adam çıxdı. Bu adam camaatı dayandırdı və sanki bir sehrbaz işarəsi ilə hiddəti marağa çevirdi.
Hər tərəfdən:
– Sakit olun! Yavaş danışın! – dedilər.
Qəfildən meydana çıxmış bu adam, deyəsən, həyəcan içində idi; o diz çökərək təzim etdi və mərmər masanın kənarına yaxınlaşdı. İntizam və sakitlik yavaş-yavaş bərpa oldu, yalnız xəfif gurultu eşidilirdi.
Pərdə arxasından çıxan adam dedi:
– Möhtərəm cənablar və xanımlar! Biz müqəddəs kardinal həzrətləri qarşısında “Müqəddəs Məryəmin ədalətli mühakiməsi” adlı əla bir əxlaqi tamaşa göstərəcəyik. Bu saat möhtərəm kardinal həzrətləri Avstriya hersoqunun fəxri səfirlərini müşayiət edir. Möhtərəm səfirlər isə universitet rektorunun təbrik nitqlərini dinlədiklərindən bir az ləngimişlər. Kardinal həzrətləri gələn kimi tamaşanı başlayacağıq.
Bu zaman hiddət və qəzəb bağırtıları onu susdurdu. Məktəblilər nərə çəkərək bağırırdılar:
– Tez olun, elə bu dəqiqə bizə tamaşa göstərin! Cəhənnəm olsun aktyorlar da, kardinal da!
Bu səslər qarşısında mat qalan zavallı özünü tamamilə itirmişdi, bütün bədəni tir-tir titrəyirdi: əsası əlindən düşdü, şlyapasını çıxarıb kütləyə bir daha təzim etdi. Onun vəziyyəti, doğrudan da, ağır idi. İş bir az da ləngisə, kütlə onu dara çəkəcəkdi.
Xoşbəxtlikdən mərhəmətli bir insan tapıldı və onu çətinlikdən çıxararaq bütün məsuliyyəti öz üzərinə götürdü. Bu ucaboylu, arıq və solğun bənizli adam sarışın yanaqlarında və alnında qırışlar olsa da, gənc idi. Gözləri parıldayır, dodaqları gülümsəyirdi; o, masaya yaxınlaşıb aktyorlara işarə etdi:
– Dərhal tamaşanı başlayın! Cənab hakimdən üzr istəməyi mən öz öhdəmə götürürəm, o da cənab kardinaldan üzr istər.
– Ura, yaşa! – gurultulu alqış sədaları ucaldı.
Birinci sırada dayanmış qadınlardan biri işarəylə onu öz yanlarına dəvət edərək soruşdu:
– Səhnədə nə göstəriləcəkdir?
– Onlar “Müqəddəs Məryəmin ədalətli mühakiməsi” adlı əxlaqi pyes göstərəcəklər. Xüsusi olaraq Flandriya şahzadəsi Marqarita xanım üçün yazılıb.
– Demək, siz vəd edirsiniz ki, bu misteriya gözəl olacaq, deyilmi?
– Şübhəsiz, – gənc cavab verdi, sonra isə bir qədər vüqarla: – Bilirsinizmi, xanımlar, – dedi, – əsərin müəllifi mənəm!
Qadınlar heyrətlə ona baxıb xorla soruşdular:
– Doğrudan?
– Zarafatsız, doğrusunu söyləyirəm, – şair bir az da lovğalanaraq cavab verdi.
Bu zaman səhnənin altından musiqi səsi eşidilməyə başladı. Pərdə yuxarı qalxdı, üzlərinə boya və ənlik sürtülmüş dörd nəfər çıxdı. Onlar kütlənin qarşısında bir sıraya düzülərək ehtiramla təzim etdilər. Musiqi susdu, misteriya başlandı.
Öz təzimləri sayəsində kütlənin sürəkli alqışlarını qazanan dörd aktyor tamaşaçıların dərin sükuta dalmasından istifadə edərək əsərin proloquna başladı. Pyesdə iştirak edənlərin yarısı sarı, yarısısa ağ rəngli uzun cübbələr geymişdi.
Birinci aktyorun sağ əlində qılınc, ikincinin əlində iki ədəd qızıl açar, üçüncünün əlində tərəzi, dördüncünün əlində isə bel var idi. Bu əlamətlərin nə olduğunu anlatmaq üçün cübbələrin ətəyində iri qara hərflərlə bu sözlər yazılmışdı: “Mən zadəganlığı təmsil edirəm”, “Mən ruhaniliyi təmsil edirəm”, “Mən tacirləri təmsil edirəm”, “Mən kəndliləri təmsil edirəm”.
Proloqun şeirlərindən asanlıqla anlamaq olurdu ki, Kəndlilərlə Tacirlərin, Ruhaniliklə Zadəganlığın arasında izdivac var. Bu cütlüklər birlikdə qızıldan olan qeyri-adi bir delfinə malikdirlər ki, bunu da dünyanın ən gözəl qadınına təqdim etmək istəyirlər. Bu iki ailə uzun müddətdir ki, yer üzünü dolaşaraq həmin gözəl qadını axtararır. Dördlük əvvəlcə Qolkonda çariçasını, sonra Trapezund şahzadəsini rədd etdikdən sonra istirahət üçün Parisə gəlmişdir. Onlar möhtərəm xalqa zəngin zərbi-məsəllər, tapmacalar və müxtəlif ibrətamiz əhvalatlar, nağıllar danışırdılar.
Hər halda, dörd alleqorik fiqurun üzərinə təşbeh və istiarə yağdırdığı camaat arasında aktyorların hərəkətlərinə diqqət edən ən iti göz, sözlərini dinləyən ən diqqətli qulaq, ən həyəcanlı qəlb, ən çox uzanan boğaz əsərin müəllifi olan Pyer Qrenquara məxsus idi. Proloqun başlanması münasibətilə yüksələn alqışlar hələ də onun qulaqlarında cingildəyirdi. O, heyranlıq içində öz fikirlərinin aktyorların ağzından çıxıb geniş auditoriyaya yayıldığını məmnuniyyətlə izləyirdi.
Bir az məyus olsaq da, deməliyik ki, müəllifin ilk məsud heyrəti az sonra heç də xoş olmayan bir hadisə ilə pozuldu. Qrenquar məstedici təntənə və sevinc piyaləsini yenicə dodaqlarına yaxınlaşdırmışdı ki, onun içinə bir damla zəhər düşdü.
Cır-cındır geyinmiş, kirli-paslı bir dilənçi proloqun birinci misraları oxunarkən hörmətli qonaqlar üçün müəyyən olunmuş hündür yerin dirəkləriylə dırmaşaraq səhnənin sürahibəndinin karnizi üzərində əyləşdi, öz acınacaqlı görünüşü və sağ qolundakı iyrənc yara ilə ürəyiyumşaq tamaşaçıların diqqət və mərhəmətini özünə cəlb etməyə başladı. O, yarasını camaata göstərir, ancaq heç bir söz söyləmirdi. Sakit dayandığı üçün proloq da əngəlsiz-filansız davam etməkdə idi. Əgər məktəbli Jan Frollo öz dayandığı yerdən bu dilənçini və onun hərəkətlərini görməsəydi, şübhəsiz, heç bir ciddi intizamsızlıq da olmayacaqdı. Zırrama gənc birdən-birə dəli kimi qəhqəhə çəkib güldü və uca səslə bağırdı:
– Bu çolağa baxın, sədəqə istəyir!
Hər kəs qurbağa gölünə daş atmış bu yersiz sözlərin kütlənin tamaşaya yönəlmiş diqqətinə nə cür təsir bağışlaya biləcəyini təsəvvür edə bilər. Aktyorlar dayandı. Hamı başını dilənçiyə doğru çevirdi. Dilənçi isə heç bir şeyi vecinə almadan diqqəti özünə cəlb etmək üçün fürsətdən istifadə edib yalvarıcı səslə inləməyə başladı:
– İsa xatirinə sədəqə verin!
Jan Frollo davam edərək bağırdı:
– Ah, zalım! Bu ki, Klopen Truylfudur…
Jan Frollo dilənçinin xəstə əlindəki kirli keçə papağa xırda gümüş sikkə tulladı. Dilənçi sədəqəni böyük soyuqqanlılıqla qəbul edib yalvarışına davam etdi.
– İsa xatirinə sədəqə verin!
Bu hadisə tamaşaçıların əksəriyyətinin diqqətini səhnədəki tamaşadan tamamilə yayındırdı. Tamaşaçılar proloqun tən ortasında məktəblinin gurultulu, dilənçininsə iniltili səsləri ilə müşayiət olunan bu orijinal dueti şən alqışlarla qarşıladılar.
Qrenquar özündən çıxmışdı. Əvvəlki heyranlığından ayılıb boğazına güc verərək səhnədə dinməz-söyləməz dayanmış aktyorlara bağırırdı:
– Davam edin, sizə deyirəm, davam edin!
Aktyorlar müəllifın israrına riayət edərək proloqu yenidən oynamağa başladılar. Camaat onların danışdıqlarını görüb yenidən qulaq asmağa başladı; lakin şübhəsiz ki, proloqun gözlənilmədən kobud şəkildə qırılması sayəsində pyesin bir çox məziyyətləri itdi. Müəllif bunu hiss edib kədərləndi. Sükut yavaş-yavaş bərpa olunurdu, məktəbli dinmir, dilənçi isə papağına atılmış pulları bir-bir sayır, tamaşa isə davam edirdi.
Bu zaman indiyə qədər boş qalmış fəxri kürsünün qapısı qəfildən açıldı və qalın səsli qapıçı ucadan xəbər verdi:
– Monsinyor həzrətləri, cənab Burbon kardinalı.
Kardinal və Pyer Qrenquar
Zavallı şair! Zavallı Qrenquar! Sen-Jan qülləsində iyirmi topun birdən-birə guruldaması, Tampl qülləsində mühafizə olunan bütün barıtın partlaması kimi müdhiş hadisələr onu bu cür təntənəli və dramatik anda qapıçının söylədiyi “Monsinyor həzrətləri, cənab Burbon kardinalı!” sözləri qədər dəhşətə gətirməzdi.
Pyer Qrenquarın kardinaldan qorxduğunu, yaxud ona qarşı nifrət bəslədiyini düşünmək yanlış olardı. Qrenquar həm belə qorxaqlıqdan, həm də bu cür iddiadan uzaq adam idi. O hər yerdə özünə mövqe qazanan yüksək ruhlu, möhkəm və sakit adamlar kateqoriyasına mənsub idi. O, həmin zəkalı və azadfikirli filosoflardan idi ki, liberal fəlsəfəyə meyil edir, eyni zamanda kardinalla da hesablaşırdı. Başqa sözlə, qızıl məxrəci tuta bilirdi.
Pyer Qrenquarın narahatlığına səbəb proloqun kardinal həzrətlərinin qulaqlarına çatmaması idi. Şair bunun əhəmiyyətini dərk etməyə qadir idi: onun sağlam zəkası və həyat təcrübəsi vardı. Həqiqətdə isə şairlərin təbiətlərində şəxsi fayda ikinci sırada qalan bir şeydir. Qrenquar sevinclə böyük bir məclisin varlığını hiss edir, görür və təbiri doğrudursa, bir növ, onunla ünsiyyətə girirdi. Şairin toy mahnısını xatırladan poemasının hər bir hissəsindən sel kimi axan nəhayətsiz tiradalardan[13 - Tirada (fr. tirade) – qısa, məntiqli və təntənəli ifadə] məclis heyrət içində donub-qalmışdı. Qrenquarın özü də camaatla birlikdə misteriyaya heyran olmuşdu.
Kardinal həzrətlərinin gəlməsi camaatı həyəcana gətirdi. Hamı başını yuxarıdakı kürsüyə doğru çevirib bağırdı:
– Kardinal! Kardinal!
Başbəlalı proloq ikinci dəfə dayandırıldı.
Kardinal bir an yüksək kürsünün kandarında dayanıb salondakıları laqeyd tərzdə süzdü. Salonda gurultu getdikcə artırdı. Hər kəs kardinalı görmək üçün boylanır, barmaqlarının ucuna qalxırdı.
Kardinal, doğrudan da, kütlənin diqqətini özünə cəlb etməyə layiq idi. Burbon kardinalı Lion vilayətinin baş yepiskopu və qrafı, eyni zamanda XI Lüdovikin qohumu idi. Ruhani olmasına baxmayaraq, həyatını şən keçirirdi: Şalyodakı üzüm bağlarının şərabından məmnuniyyətlə içər, qızlara iltifat göstərərdi, sədəqəni qoca qarılardan çox, göyçək qızlara verərdi ki, bu da ona Paris camaatı arasında böyük şöhrət qazandırmışdı.
Kardinal kürsüdə göründü, bu dünyanın güclü insanlarına məxsus və sələflərindən ona ötürülmüş təbəssümlə xalqa təzim edib ağır addımlarla qırmızı məxmər kresloya doğru getdi. Yepiskoplar və abbatlar kardinalın arxasınca kürsüyə daxil oldular. Bunların gəlişi də kütlənin böyük səs-küyünə və marağına səbəb oldu.
Yəqin ki, oxucu hələ tamaşa başlamazdan əvvəl kardinal kürsüsünün tağına dırmaşan arsız dilənçini unutmamışdır. Adlı-sanlı qonaqların gəlməsi onu yerindən tərpətmədi; prelat[14 - Prelat (lat. praelatus) – katolik kilsəsinin yüksək ruhanilərinə verilən ümumi ad] və səfirlər kürsüdəki yerlərinə əyləşdikdən sonra da dilənçi bardaş quraraq tağın dirsəyi üzərində rahatca oturmuşdu; hamının diqqəti başqa yerdə olduğundan onun bu ədəbsiz hərəkətinə kimsə əhəmiyyət vermirdi. O, Neapol səfilləri qayğısızlığı ilə başını yırğalayır və ara-sıra kütlənin gurultusu arasından mexaniki surətdə təkrar edirdi: “İsa xatirinə sədəqə verin!”
Salonun qərb tərəfindəki divara bitişik ensiz qapıdan bu səhnəyə bir-birinin ardınca müxtəlif əyan-əşrəf daxil olurdu. Qabaq cərgələrdə xəz və al-qırmızı məxmər geyinmiş fəxri qonaqlar oturmuşdu. Əzəmətli sükuta dalan səhnənin ətrafında gurultu və basabas hökm sürürdü. Minlərcə göz səhnəyə dikilmiş, minlərcə dodaq orada əyləşən adamların adlarını pıçıldayırdı.
Qrenquarın ən çox qorxduğu şey baş vermişdi. Kardinal gələndən bəri Qrenquar var qüvvəsi ilə proloqu xilas etməyə çalışırdı. Əvvəlcə oynamağı buraxmış aktyorları başa salmağa çalışdı ki, davam etsinlər və ucadan danışsınlar, sonra kimsənin onları dinləmədiyini görüb özü aktyorları dayandırdı: dördsaatlıq tənəffüs ərzində yerində dayana bilmir, gah titrəyən əllərini ovuşdurur, gah da qonşularını inandırmağa çalışırdı ki, bu saat tamaşa başlayacaq. Lakin bütün səyləri əbəs idi. Heç kəs gözünü kardinaldan, səfirlərdən, səhnədən ayırmırdı; bu yer artıq bütün nəzərləri cəlb edən mərkəzə dönmüşdü.
Buna baxmayaraq bizim şair aranın bir qədər sakitləşdiyini görüb vəziyyətdən çıxmaq üçün biclik işlətdi. Camaatın arasına girib bağırmağa başladı:
– Misteriyanı təzədən başlayın, təzədən başlayın!
– Lazım deyil, lazım deyil! – tələbələr bağırdılar. – Rədd olsun misteriya, rədd olsun cəhənnəmə!
Lakin Qrenquar təslim olmaq istəməyib daha ucadan bağırırdı:
– Təzədən başlayın! Təzədən başlayın!
Bu bağırtılar kardinalın diqqətini cəlb etdi. Bir neçə addım uzaqlıqda dayanmış ucaboylu, qarayanız, qara geyimli adama dedi:
– Cənab hakim, bu sarsaq təlxəklər nə səs-küy qoparıblar?!
Bu zaman hakim kardinala yaxınlaşdı və onun qəzəbinə gəlməkdən qorxaraq dili dolaşa-dolaşa camaatın narahatlığının səbəbini izah etməyə başladı. Kardinal həzrətləri saat 12-də gəlmək lütfündə bulunmadığı üçün aktyorların tamaşanı onu gözləmədən başlamağa məcbur olduqlarını söylədi.
Kardinal qəhqəhələrlə güldü və dedi:
– Yaxşı, yaxşı, davam etsinlər… Mənim üçün fərqi yoxdur, mən öz dua kitabımı oxuyacağam.
Misteriyada iştirak edənlər şeir oxumağa başladılar. Qrenquar əsərinin yerdə qalan qisminin, heç olmasa, camaat tərəfindən dinləniləcəyinə ümid bəsləyirdi. Lakin bu ümidi də başqa ümidləri kimi puça çıxdı. Tamaşaçılar bir qədər sakitləşdilər; lakin kardinal tamaşanın davam etməsinə əmr verdiyi zaman Qrenquar yüksək kürsünün hələ tamamilə dolmadığını görməmişdi; hələ də, yəni Flandriya səfirlərindən sonra da bir çox başqa adlı-sanlı şəxslər gəlmişdi ki, qapıçı bunların adlarını və mənsəblərini aktyorların çıxışları arasında ucadan söyləyir, bununla da çıxışların təsirini tamamilə puça çıxarırdı. Təsəvvür edin ki, səhnədə şeir söyləyirlər, qapıçı isə hər iki şeirin, yaxud hətta hər iki beytin arasında bağırır:
– Ruhani məhkəməsinin kral prokuroru cənab Jak Şaramolü!
– Paris şəhəri gecə qarovullarının rəisi Jean de Garley!
– Vensen meşəsinin mühafizi cənab Lui de Gravil!
…Artıq buna tab gətirmək mümkün deyildi! Tamaşanın izlənməsinə mane olan bu qəribə akkompanement getdikcə Qrenquarı daha çox cinləndirirdi. Yazara elə gəlirdi ki, tamaşaçılarda onun əsərinə daha çox maraq yaranmalıdır. Onun əsərində yalnız bir şey çatışmırdı; bu da tamaşaçı diqqətiydi. Həqiqətən də, bundan incə, zərif və dramatik səhnələr yaratmaq mümkün deyildi.
Lakin heyhat! Bütün bu gözəlliklər anlaşılmadan və duyulmadan keçib-getdi. Kardinal gəldikdən sonra sanki gözəgörünməz sehrli bir əl birdən-birə bütün tamaşaçıların nəzərini mərmər masadan kürsüyə doğru çevirdi. Heç kəs kütləni bu sehrin təsirindən qurtarmaq iqtidarında deyildi. Nəzərlər yenə kürsüyə doğru çevrilmişdi; yeni gələn qonaqlar, onların adları və simaları yenə də camaatın nəzərini özünə cəlb edirdi. Qrenquar dərin qəm içində idi. Hamı səhnəyə arxasını çevirmişdi.
Ən acınacaqlısı bu idi ki, bir qədər əvvəl həmin camaat nə qədər böyük səbirsizliklə onun pyesini görməyi arzu edirdi. Tamaşa nə qədər xoş və gurultulu alqışlarla başlamışdı. Bu həmin camaat idi ki, tamaşanın vaxtında başlanmadığını gördükdə az qalmışdı dörd nəfər qarovulçunu dar ağacına çəksin!
Qapıçının yersiz və yaramaz monoloqları, nəhayət, bitdi; artıq hər kəs öz yerində idi, Qrenquar rahat nəfəs aldı. Aktyorlar yenə öz rollarını cəsarətlə oynamağa başladılar. Lakin məsələ bununla da bitmədi, birdən Gent şəhərinin rəislər şurasının katibi cənab Kopenol ayağa durub kütlənin gərginliklə müşayiət olunan sükutundan istifadə edərək üzünü camaata çevirdi və aşağıdakı dəhşətli nitqini söylədi:
– Cənab şəhərlilər və Paris zadəganları! And olsun Allaha, burada nə etdiyimizi mən özüm də bilmirəm. Əcəba, siz bunamı misteriya deyirsiniz! Hər halda, bu tamaşa çox cansıxıcı bir şeydir. Heç olmasa, Mavritaniya rəqsi oynayaydılar, yaxud başqa bir oyun göstərəydilər. Bizə tamamilə başqa şey vəd etmişdilər; bizə söylədilər ki, təlxəklər bayramı olacaq, təlxəklərin papası seçiləcək. Bizdə, Gent şəhərində də təlxəklər papası seçirlər, lakin Allaha and olsun, bizim bayramlarımız daha əyləncəlidir. Bizlərdə də buradakı kimi çoxlu sayda adam bir yerə yığışır. Sonra hər kəs başını iri bir dəliyə soxur və başqalarına ağız-burnunu bürüşdürür. Kim ki ən çirkin şəkildə ağız-burnunu bürüşdürə bildi, onu dərhal papa elan edirlər. Sizi inandırıram, bu, çox əyləncəli bir şeydir. Cənab vətəndaşlar, siz mənim təklifimə necə baxırsınız?
Qrenquar cavab vermək istədi, lakin heyrət, qəzəb və hirsindən danışmaq qabiliyyətini büsbütün itirdi. Həm də bu təklif vətəndaşlar tərəfindən o qədər böyük bir sevinclə qarşılanmışdı ki, artıq onun müqavimət göstərməsi faydasız olardı. Axına təslim olub üzünü iki əlləri ilə qapamaqdan başqa çarəsi qalmırdı.
Kvazimodo
Kopenolun ideyasını yerinə yetirmək üçün dərhal hər şey hazır edildi. Şəhərlilər, tələbələr və məhkəmə katibləri ürəklə işə girişdilər. Qrimas[15 - Qrimas (fr. grimace) – müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması] göstərmək üçün böyük mərmər masanın qarşısındakı kiçik qübbə müəyyənləşdirildi. Qapının düz üst tərəfindəki dairəvi pəncərənin şüşəsi sınmışdı. Bütün rəqiblərin başlarını bu dairəvi dəlikdən soxacaqlarına qərar verildi. Qərara alındı ki, hər kəs öz qrimasının təsirini azaltmamaq üçün üzünü bir şeylə örtəcək və ona növbə gəlincəyə qədər kiçik məbədin içərisində gözləyəcəkdir. Məbəd dərhal rəqiblərlə doldu, bundan sonra qapını bağladılar.
Qrimas tamaşası başlandı. Pəncərədə görünən birinci sifətin göz qapaqları çevrilmiş, ağzı yırtıcı heyvan ağzı kimi ayrılmış, alnı isə çəkmə boğazı kimi qırışdırılmışdı. Bu sifət kütlənin şən qəhqəhəsinə səbəb oldu. Birinci sifətin dalınca ikinci, üçüncü və daha başqa-başqa sifətlər göründü. Bu sifətlərin hər biri gurultulu qəhqəhələr və ayaq tappıltıları ilə qarşılandı.
Üçbucaqdan trapesiyaya qədər, konusdan çoxbucaqlıyadək bütün həndəsi fiqurları xatırladan eybəcər sifətlər silsiləsini təsəvvür edin. Bu sifətlər müxtəlif şəkillərə düşür, gah qəzəb, gah da ehtiras ifadə edir, cürbəcür yaşda olan insanları yamsılayaraq gah yenicə doğulmuş uşağın, gah da can verən qoca qarının üz qırışlarını ifadə edir, özlərini müxtəlif mifik məxluqlara, heyvanlara bənzədirdilər. Hər şey bir-birinə qarışmışdı, it yiyəsini tanımırdı. Böyük salon həyasızlıq və çılğınlıq meydanına çevrilmişdi.
Pəncərədən başını çıxaran həndəsi kombinasiyalardan ibarət sifətlər get-gedə coşmaqda olan camaatın xəyalında yaranan eybəcər obrazını təmin etmirdi. Elə bu an pəncərədə qəribə bir sifət göründü. Həqiqətən qeyri-adi olan bu sifət xalqı heyran edə və birincilik mükafatını qazana bilərdi. Dördbucaqlı burnu, nala bənzər ağzı, sağ gözü büsbütün iri bir ziyilin altında qaldığı halda, sapsarı qaşlarla örtülmüş xırdaca sol gözü, qala divarı qüllələrinə bənzəyən mırıq və əyri-üyrü dişləri, fil dişi kimi iki köpək dişi görünən çatlamış dodaqları, xüsusilə bu əcaib simada əks olunan heyrəti və məyusluğu təsvir etmək çətindir.
Bütün xalq bir ağızdan bağırdı. Hamı məbədə doğru hərəkət etdi, təlxəklərin papasını böyük təntənə ilə əlləri üstündə bayıra çıxartdılar. Bu zaman xalqın heyrəti ən yüksək dərəcəyə çatdı; məlum oldu ki, bu eybəcərlik onun sifətinin həqiqi ifadəsi imiş; daha doğrusu, onun bütün vücudu eybəcərlikdən başqa bir şey deyilmiş. O, parçalanmış və biçimsiz şəkildə bitişdirilmiş divə bənzəyirdi!
Təpəgözə bənzəyən, eni uzununa bərabər, yarıqırmızı-yarıbənövşəyi kamzol[16 - Kamzol (fr. camisole) – kişi üst geyimi; məxmər və digər qalın parçalardan tikilən dizəcən geyim növü] geyinmiş və gümüş zınqırovlarla bəzənmiş bu eybəcər vücud məbəd qapısında görünər-görünməz kütlə dərhal onu tanıdı və bir ağızdan bağırdı:
– Bu ki zəngçalan Kvazimododur! Bravo! Bravo!
Tələbələr bağırırdı:
– Hamilə qadınlar, özünüzü gözləyin!
Həqiqətən də, qadınlar dərhal üzlərini əlləri və yaylıqları ilə örtdülər.
Qadınlardan biri:
– Tfu, nə murdar meymundur! – dedi.
– O nə qədər eybəcərdirsə, o qədər də kinlidir! – başqa bir qadın əlavə etdi.
Üçüncü qadın dedi:
– Bu, bir iblis mücəssəməsidir…
Bütün bu səs-küyə səbəb olan Kvazimodo isə kiçik məbədin qapısı ağzında ciddi və qaşqabaqlı bir halda dayanaraq kütlənin ona tamaşa etməsinə yol verirdi.
Kvazimodonun görünüşünə heyran olan Kopenol ona yaxınlaşdı:
– And olsun Allaha, mən ömrümdə bu cür eybəcər görməmişəm. Sən yalnız Parisdə deyil, Romada belə papa olmağa layiqsən!
Kopenol sözünə davam edərək:
– Sən mənim xoşuma gəlirsən, – dedi. – Mənə on iki Tur livri[17 - Tur livri (fr. livre tournois) – Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı] qiymətinə başa gəlsə belə, səninlə bir yerdə əylənməkdən vaz keçməzdim. Dostum, bu barədə sənin firkin nədir?
Kvazimodo isə susmaqda davam edirdi.
Qadınlardan biri Kvazimodonun kar olduğunu Kopenola anlatdı.
O, qəhqəhəylə gülərək:
– Karmış! – dedi. – Daha yaxşı! Demək, o, əsl papadır!
Kvazimodo qımıldanmadan, bir növ, məğrur itaətlə təlxək paltarının əyninə geyindirilməsinə icazə verdi. Bundan sonra onu bəzəkli xərəyə mindirdilər və təlxəklər məclisinə mənsub on iki nəfər onu çiyninə qaldırdı. Çirkin ayaqları altında gözəl, mütənasib və incə vücudlu adamların başlarını gördükdə bu təpəgözün eybəcər sifətində acı təbəssüm və nifrət göründü. Hay-küy salan səfillər dəstəsi, adətə görə, sonra Parisin küçələrini gəzməyə yollandı.
* * *
Pyer Qrenquar məhkəmə salonundan çıxanda artıq küçələr zülmətə qərq olmuşdu. Bununla belə, Qrenquar qaranlıqdan heç də narazı deyildi: o, rahat düşünmək üçün kimsəsiz bir küçəyə can atırdı. Üşüyə-üşüyə gəlib Qrev meydanına çatdı. Pyesin müvəffəqiyyətsizliyi onu soyuğa qarşı daha da həssas etdiyindən Qrenquar meydanın ortasında qalanmış ocağa yaxınlaşdı, diqqətlə baxdıqda camaa- tın bura yalnız ocağa baxmaq arzusu ilə gəlmədiyini anladı.
Ocaqla camaat arasındakı boşluqda gənc bir qız rəqs edirdi. Qrenquar skeptik bir filosof olmasına baxmayaraq, ilk dəqiqədə bu gənc qızın insanmı, pərimi, yoxsa məlaikəmi olduğunu kəsdirə bilmədi. Qızın parlaq siması onu elə heyran etmişdi ki…
Gənc qız çox da ucaboylu deyildi, lakin belinin incəliyi onu ucaboylu göstərirdi, üzü əsmər idi, lakin işıqda əsmər üzü Roma və Əndəlis qızlarına məxsus qızılı rəngə çalırdı. Zərif, incə ayağına kiçik və gözəl başmaqlar geyinmişdi. Köhnə İran xalısı üzərində rəqs edərək fırlanırdı; rəqs edərkən parlayan siması cilvələnir, iri qara gözləri adamı şimşək kimi kor edirdi.
Hər kəs mat-mat ona baxırdı. İncə əlləri ilə zərif və kiçik başı üzərində tutub çaldığı qavalın səsinə oynadığı zaman belini “qucaqlayan” qızılı rəngli korseti, rəqs edərkən yellənən ala-bəzək tumanı, çılpaq çiyinləri, tumanının altından görünən nazik və gözəl ayaqları, qara saçları və parlayan gözləri ilə o, ilahi xilqətə bənzəyirdi.
– Yarəb! – Qrenquar düşündü. – Bu ki bir Səməndər quşudur, gözəl bir pəridir, bir ilahədir, Menad dağından enmiş Vakx kahinəsidir!
Qız yerdən iki şpaqa[18 - Şpaqa (ital. spada) – soyuq silah növü olan uzun qılınc. Uzunluğu, əsasən, 1 m olan şpaqanın hər iki tərəfi kəsicidir.] götürüb iti uclarını alnına dayadı. Özü bir tərəfə fırlandığı halda, şpaqaları başqa bir tərəfə fırladırdı. Qrenquar ona tərəf atılan pullardan anladı ki, o, sadəcə, bir qaraçı qızıdır. Qrenquarın məyusluğu nə qədər böyük olsa da, bu tamaşada onun gözəlliyinə və cazibəsinə qapılmaqdan özünü saxlaya bilmədi. Ocağın qırmızı və dağınıq işığı tamaşaçıların üzlərində və gənc qızın əsmər alnında titrəyirdi. Bu işığın əksi Sütunlar evinin çatlamış köhnə fasadına və yaxınlıqdakı iyrənc dar ağacına düşürdü.
Ocağın qızılı şöləsi ilə işıqlanmış minlərcə üz arasında bir adamın üzü rəqs edən qaraçının tamaşasına hər kəsdən ziyadə dalmış kimi görünürdü. Bu üz ciddi, sakit, hətta qaşqabaqlı bir adamın üzü idi. Adamın otuz beş yaşı olardı; bununla belə, onun başı daz idi, yalnız kəlləsinin kənarlarında çallaşmış saçları görünürdü. Onun uca və geniş alnını qırışlar örtmüşdü, dərin, gəncliyə məxsus həyat eşqi və ehtiras dolu gözlərini qaraçı qızdan ayırmırdı. On altı yaşlı qayğısız qızcığaz hamıya nəşə verərək rəqs edib fırlandıqca onun sifəti tutulurdu. Ara-sıra ah çəkir, eyni zamanda dodaqlarında təbəssüm görünürdü.
Nəhayət, gənc qız tövşüyərək dayandı. Camaat böyük həyəcanla ona əl çalmağa başladı.
Qaraçı qız bağırdı:
– Cali!
Bu sözdən sonra Qrenquar ipək yunlu, qızılı buynuzu və dırnaqları olan, boynu qırmızı xaltalı, qəşəng və ağ bir çəpiş gördü.
Rəqqasə:
– Cali! – dedi. – İndi növbə sənindir!
Qız əyləşdi və nazlı bir hərəkətlə qavalı çəpişə uzatdı.
– Cali, – dedi, – indi hansı aydır?
Çəpiş qabaq ayaqlarının birini qaldırıb bir dəfə qavala vurdu. Həqiqətən, ilin birinci ayı idi. Camaat keçini alqışladı.
Gənc qız qavalı başqa tərəfə çevirərək sözünə davam etdi:
– Cali, bu gün ayın neçəsidir?
Cali kiçik qızılı dırnağını qaldırdı və altı dəfə qavalı taqqıldatdı.
Qaraçı yenə qavalı çevirib soruşdu:
– Cali, saat neçədir?
Çəpiş yeddi dəfə qavalı taqqıldatdı. Bu zaman qüllədəki saat yeddini vurdu.
Hamı ağzını ayırıb mat-mat baxırdı. Camaatın arasından bir səs:
– Burada, hər halda, cadu var, – dedi.
Bu səs gözlərini qaraçı qızdan ayırmayan dazbaşlı adamın səsi idi. Qız səksəndi və üzünü ona çevirdi; lakin bu zaman o qədər şiddətlə əl çaldılar ki, qorxunc söz yaddan çıxdı. Qız heç bir şey olmamış kimi yenə çəpişinə sual verməyə başladı:
– Cali, mərasim zamanında şəhər qarovulunun kapitanı Gişar Qran-Remi nə cür yeriyir?
Çəpiş dal ayaqlarının üzərinə qalxdı və mələməyə başladı. O qədər əyləncəli bir vüqarla yeriyirdi ki, riyakar kapitanın təqlidini görən camaat ucadan gülüşməyə başladı.
Gənc qız getdikcə artan müvəffəqiyyətindən cəsarətlənərək davam etdi:
– Cali, kral prokuroru Jak Şarmolü ruhani məhkəməsində nə cür danışır?
Keçi dal ayaqlarının üzərinə əyləşdi və mələməyə başladı. Qabaq ayaqlarını oynadaraq elə məzəli mələyirdi ki, camaat sanki canlı Jak Şarmolünün duruşunu, hərəkətlərini görür, səsini eşidirdi.
Alqışlar daha da şiddətləndi. Dazbaş adamın yenə səsi eşidildi:
– Bu küfrdür! Həqarətdir!
Qız üzünü yenə onun tərəfə çevirərək:
– Ah, yenə bu yaramaz başladı! – dedi.
Sonra alt dodağını bir qədər uzadaraq sifətini məzəli şəkildə əydi, dabanı üzərində fırlanıb, qaval əlində camaatın arasıyla dolaşmağa başladı. Qavalın içinə iri və xırda, gümüş və mis pullar atırdılar. Bu zaman qız Qrenquara yaxınlaşdı. Qrenquar cəld əlini cibinə uzatdı, qız Qrenquarın bu hərəkətini görüb onun qarşısında dayandı.
Bizim zavallı şair cibindən mütləq boşluğu tapdıqdan sonra öz-özünə mızıldandı:
– Lənətə gələsən!
Gənc qız isə iri qara gözlərini ona dikərək sədəqə gözləyirdi. Qrenquarın alnında iri tər damcıları göründü. Əgər bütün Perunun xəzinələri onun cibində olsaydı, tərəddüd etmədən hamısını bu rəqqasəyə verərdi; lakin təəssüf, bu xəzinələr onda deyildi.
Xoşbəxtlikdən gözlənilməyən bir hadisə onu bu çətinlikdən xilas etdi.
Meydanın ən qaranlıq küncündən hirsli bir səs bağırdı:
– Ey, Misir çəyirtkəsi! Nə zaman rədd olub gedəcəksən?
Gənc qız dəhşətlə dönüb baxdı. Bu artıq dazbaş adamın deyil, hirsli bir qoca qarının səsiydi. Qaraçı qızı səksəndirən bu səs oradakı uşaqları yaman əyləndirdi. Uşaqlar ucadan gülüşərək bağırdılar:
– Bu, Roland qülləsi dustağının səsidir! Öz-özünə söylənir!
Bütün dəstə “Sütunlar evi”nə doğru axışdı.
Qrenquar isə rəqqasənin başının qarışmasından istifadə edərək gözdən itdi. Uşaqların bağırtısı ona bütün günü heç bir şey yemədiyini xatırlatdı. Şam etmədən yatmaq çətin idi. Qrenquarın nə yeməyə çörəyi, nə də sığınacaq yeri vardı. Ağır ehtiyac onu hər tərəfdən sıxırdı.
Qrenquarı məşğul edən və getdikcə dərinləşən bu kədərli düşüncələr birdən qulaqlarına gələn ahəngdar nəğmə səsiylə qırıldı. Qaraçı qız oxuyurdu.
Onun səsi gözəlliyini və rəqsini tamamlayırdı: qəribə, eyni zamanda çox gözəl və zərif səs idi; bu səsdə pak, səmavi, ahəngdar, bir sözlə, qanadlanan bir ruh yaşayırdı. Qrenquar bu nəğməni dərin heyrətlə dinləyir, yer üzündəki hər şeyi unutmuş kimi görünürdü. Son bir neçə saat ərzində onun əzab çəkmədən keçirdiyi bircə dəqiqə vardısa, o da bu idi.
Lakin bu zaman kütlənin diqqəti başqa tərəfə yönəldi. Təlxəklər papasının mərasimi bir çox küçə və dalanları dolaşdıqdan sonra indi də gurultular və məşəllərlə Qrev meydanına daxil olurdu.
Bu mərasim yolda xeyli böyümüşdü. Parisdə mövcud olan bütün cibgirlər, oğrular və səfillərin hamısı bu mərasimə qarışmış və Qrev meydanına gəlib çatdığı zaman xeyli həşəmətli bir izdiham əmələ gəlmişdi.
İzdihamın ortasında təlxəklər ittifaqının ağsaqqalları çiyinlərində xərək aparırdılar; xərəyin kənarına şamlar düzülmüş, üstündə isə əynində təlxək paltarı, başında papaq, əlində əsa olan Paris Notr-Dam kilsəsinin yeni təlxəklər papası – qozbel Kvazimodo əyləşmişdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/viktor-mari-gugo/paris-notrdam-kils-si-68289763/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
notes
1
Misteriya (lat. ayin, ritual) – din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından bir. Mistteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi.
2
Xaç bayramı – İsa peyğəmbərin xatirəsi ilə bağlı keçirilən kilsə bayramı; dini rəvayətə görə, İsa peyğəmbər Müqəddəs Ruh tərəfindən İordan çayının suyunda xaçlanıb
3
Qamlot (yun. kamelos, fr. camelot – dənə) – yundan toxunmuş kobud parça
4
Kaftan – uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir.
5
Flandriya – Avropanın şimal-qərbində yerləşən tarixi ərazi: indiki Fransa, Belçika və Hollandiyanın bir hissəsini əhatə edirdi.
6
Qotik və ya qotika – Qərbi Avropanın orta əsr memarlığında: çatma tağ və qübbələri, çoxlu daş oymaları və bəzəkləri, həmçinin yuxarı qalxdıqca incələşən arxitektura formaları ilə fərqlənən memarlıq üslubu
7
Serjant (fr. sergent) – orduda, polisdə kiçik komanda heyətinin rütbə adı və bu rütbəni daşıyan adam: çavuş
8
Prevo (fr. prévôt – rəis) – feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru
9
Konnetabl – kralın hərbi məsləhətçisi
10
Jandarmériya (fr.) – burjuaziya ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə üçün xüsusi polis qoşunları
11
Qarqantua – XVI əsr fransız yazıçısı Fransua Rablenin “Qarqantua və Pantaqruel” romanından obraz; əsərdə iki nəhəng qarınqulu olan ata və oğul haqqında bəhs edilir.
12
Kardinal – xristian katolik kilsəsinin ruhani rütbəsi: Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasından seçilir.
13
Tirada (fr. tirade) – qısa, məntiqli və təntənəli ifadə
14
Prelat (lat. praelatus) – katolik kilsəsinin yüksək ruhanilərinə verilən ümumi ad
15
Qrimas (fr. grimace) – müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması
16
Kamzol (fr. camisole) – kişi üst geyimi; məxmər və digər qalın parçalardan tikilən dizəcən geyim növü
17
Tur livri (fr. livre tournois) – Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı
18
Şpaqa (ital. spada) – soyuq silah növü olan uzun qılınc. Uzunluğu, əsasən, 1 m olan şpaqanın hər iki tərəfi kəsicidir.