Zaman maşını

Zaman maşını
Herbert Uells
Dünya ədəbiyyatından seçmələr
Bu əsərin qəhrəmanı zaman maşınıyla uzaq gələcəyə, 802701-ci ilə gedib çıxır. Məqsədi bəşəriyyətin çiçəklənməsini görməkdi, lakin gördükləri onu dəhşətə gətirir, çünki… Yaxşısı budur, özünüz oxuyub öyrənin!

Herbert Uells
Zaman Maşını

1. İxtiraçı
Zaman Səyyahı (gəlin onu belə adlandıraq) bizə ağlasığmaz şeylər danışırdı. Onun boz gözləri işıq saçırdı, solğun bənizisə indi daha canlı görünürdü. Buxarıda alov şölələnirdi, zanbaqşəkilli gümüşü elektrik lampalarının zərif işığı qədəhlərimizdə oynaşırdı. Onun öz ixtirası olan stulda oturmaq çox xoş idi. Otaqda sakit və könülaçan ab-hava vardı. Zaman Səyyahı şəhadət barmağını yuxarı qaldırıb nitqinə başladı:
– Mənə diqqətlə qulaq asın. Hamının adi qəbul etdiyi bir neçə təsəvvürü təkzib edəsi olacam; məsələn, məktəbdə keçdiyiniz həndəsənin təməl daşı səhv üzərində qurulub…
– Bu ağlasığmaz ehtimalınızı sübut edə biləcəyinizi düşünürsünüz? – mübahisə azarkeşi kürən Filbi söylədi.
– Bir az səbirli olun. Tutarlı əsaslarım var. Sizi razı salmağın çətin olduğunu bilirəm. Amma bu dəfə güzəştə getməli olacaqsınız. Şübhəsiz ki, hamınız həqiqətdə riyazi xəttin mövcud olmadığını bilirsiniz. Yəqin, riyazi müstəvinin xəyali olduğunu da xatırlayırsınız. Bunların hamısı mücərrəddir.
– Haqlısınız, – Psixoloq təsdiqlədi.
– Amma eyni məntiqlə yalnız uzunluq, en və hündürlükdən ibarət kub da gerçəkdə mövcud deyil…
– Bununla heç razılaşmıram, – Filbi bəyan etdi. – Bərk cisimlər mövcuddur. Bütün mövcud maddələrsə…
– Çoxları bu fikirdədir. Amma bir dəqiqə aman verin. Zaman xaricində kub mövcud ola bilərmi?
– Anlamadım, – Filbi söylədi.
– Bir an belə mövcud olmayan kubu həqiqi adlandırmaq olarmı?
Filbi fikrə getdi.
– Burdan belə nəticəyə gəlmək olar ki, – Zaman Səyyahı davam etdi, – hər həqiqi cismin dörd ölçüsü – uzunluğu, eni, hündürlüyü və yaşama davamlılığı olmalıdır. Lakin nədənsə bu faktı nəzərə almırıq. Amma yenə də üçünü fəza, dördüncüsünü Zaman adlandırdığımız dörd ölçü var. Hərçənd üç ölçünü sonuncusuna qarşı qoymaq fikri də mövcuddur. Amma bunun da səbəbi gün kimi aydındır: bizim şüurumuz həyatımızın başlanğıcından ta sonunadək Zamanın bircə istiqamətində, yəni irəli hərəkət edir.
– Bu ki, – ağzındakı siqarı cidd-cəhdlə lampa alovunda yandırmağa çalışan Çox Cavan Adam dilləndi, – hamıya məlumdur.
– Çox gözəl, lakin onu tamamilə nəzərdən qaçırırlar ki, – Zaman Səyyahı şən səslə söylədi, – Zamanın özü elə Dördüncü Ölçüdür, lakin nədənsə bu ölçüdən dəm vuranlar onun məğzinə varmırlar. Bu, sadəcə, Zamana fərqli bucaq altında baxışdır. Onunla digər ölçülər arasında yeganə fərq şüurumuzun Zaman boyu hərəkət etməsidir. Bəzi axmaqlar bu fikri düzgün çözmürlər. Yəqin ki, hamınız onların Dördüncü Ölçüyə qarşı etirazlarının kökündə nəyin dayandığını bilirsiniz.
– Mən bilmirəm, – Əyalət Meri dilləndi.
– Hər şey çox sadədir. Riyaziyyatçılarımızın düşündüyü kimi, fəza üç ölçüyə malikdir. Onlara görə, uzunluq, en və hündürlük bir-birinə düz bucaq altında yerləşib. Lakin bəziləri Dördölçülü Həndəsə yaratmağa cəhd etdi. Hələ bir ay öncə professor Saymon Nyukom bu məsələni Nyu-York Riyaziyyat Cəmiyyətinə açıqladı. Bilirsiniz ki, yalnız iki ölçüyə malik düz səthdə üçölçülü cismin cizgisini cızmaq olar. Ehtimal olunur ki, eynilə üçölçülü nümunənin köməyi ilə əşyanı dörd ölçüdə təsvir etmək mümkündür. Anladınız?
– Deyəsən, – Əyalət Meri mızıldandı.
– Beləcə, sizlərə bir vaxtlar Dördölçülü Həndəsə ilə necə məşğul olduğumdan söhbət aça bilərəm. Bəzi nəticələrim yetərincə maraqlıdır; məsələn, bu, birində səkkiz, digərində on beş, üçüncüsündə on yeddi, dördün- cüsündə iyirmi üç yaşlı və s. adamın təsvirləridir. Bunların hamısı, yəqin ki, dördölçülü varlığın üçölçülü təsviridir. – Söylədiklərini həzm etməyimiz üçün bizə aza- cıq vaxt verən Zaman Səyyahı nitqinə davam etdi: – Alimlər yaxşı bilirlər ki, Zaman, sadəcə, Fəzanın xüsusi növüdür. Bu sadə diaqrama nəzər salın. Barmağımı gəzdirdiyim xətt barometrin titrəyişini əks etdirir. Dünən bax bu hündürlükdə dayanıb, axşamsa düşüb, bu gün səhər yenidən qalxaraq bax bu yerə çatıb. Şübhəsiz, civə bu xətti ümumi qəbul olunmuş fəza ölçülərinin heç birindən keçirməyib. Amma bu da məlumdur ki, onun titrəyişləri məhz bizim xətlə qeyd olunub. Belə çıxır ki, xətt Dördüncü Ölçüdən – Zamandan keçib.
– Amma, – nəzərlərini buxarıdakı kömürlərə dikən Həkim söylədi, – əgər, həqiqətən də, Zaman Fəzanın Dördüncü Ölçüsüdürsə, niyə indiyədək ona nəsə fərqli bir şey kimi yanaşıblar və biz digər ölçülər kimi, niyə Zamanla da rahat hərəkət edə bilmirik?
Zaman Səyyahı gülümsündü.
– Siz adamların Fəzada rahat hərəkət edəcəyinə belə əminsiniz? Doğrudur, biz sərbəst şəkildə sağa-sola, irəli-geri gedə bilirik. Bəs yuxarı necə? Axı cazibə qüvvəsi buna mane olur.
– Niyə ki? – Həkim qeyd etdi. – Bəs aerostatlar?
– Amma aerostatlaradək insanlar ən yaxşı halda ya yöndəmsiz şəkildə hoppanıblar, ya da harasa dırmaşmağa cəhd ediblər.
– Amma hər halda, azacıq da olsa, yuxarı-aşağı gedə bilirik, – Həkim təslim olmadı.
– Yuxarıya nisbətən aşağıya qat-qat asan!
– Amma Zamanla hərəkət etmək mümkün deyil, siz indiki andan heç yerə gedə bilməzsiniz.
– Əzizim, bax burda səhv edirsiniz. Biz həmişə indiki andan uzaq düşürük. Bizim ölçüsü olmayan fikirlərimiz Zamanın sayəsində ta beşikdən düz qəbrədək müntəzəm sürətlə irəliləyir.
– Məsələ də bundadır ki, – Psixoloq müdaxilə etdi, – Fəzanın bütün istiqamətlərində rahat hərəkət etdiyimiz halda, Zamanla belə sərbəst irəliləyə bilmərik!
– İxtiramın məğzi də elə məhz budur. Siz kökündən yanılırsınız. Mən əgər hansısa olayı parlaq xatırlayıramsa, xəyallarımda onun baş verdiyi Zamana qayıdıram və sanki indiki anda mövcud deyiləm. Bir anlıq keçmişə sıçrayıram. Əlbəttə, hansısa vəhşi, ya heyvan bir an belə yerdən altı fut[1 - Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi]
hündürlükdə havadan sallana bilmədiyi kimi, biz də keçmişdə qala bilmərik. Müqayisədə sivil insan vəhşidən üstün olmaq kimi bir imkana malikdir. O, cazibə qüvvəsinin ziddinə olaraq hava şarında yuxarı qalxır. Bəs onda niyə biz eyni uğurla Zamanda ilişib qala, ya da arzu elədiyimiz istiqamətdə hərəkət edə bilmərik?
– Axı bu, mümkün deyil… – Filbi etiraz etmək istədi.
– Niyə? – Zaman Səyyahı soruşdu.
– Bu, sağlam düşüncənin əksinədir, – Filbi cavab verdi.
– Hansı düşüncənin? – Zaman Səyyahı əl çəkmədi.
– Əlbəttə, siz ağa qara deyə bilərsiniz, – Filbi təslim olmadı, – amma məni buna inandırmağa çalışmayın.
– Ola bilər, – Zaman Səyyahı söylədi. – Amma bu məsələyə Dördölçülü Həndəsə nöqteyi-nəzərindən baxmağa çalışın. Hələ çox-çox əvvəllər Zaman Maşını yaratmaq barədə qarışıq xülyalarım vardı…
– Zamanda səyahət etmək üçün? – Çox Cavan Oğlan onun sözünü kəsdi.
– Fəzanı və Zamanı idarə edənin arzusuna uyğun olaraq onların bütün istiqamətləri ilə sərbəst hərəkət etmək üçün.
Filbi qəhqəhə çəkdi və heç nə demədi.
– Mən təcrübəmlə bunun təsdiqinə nail oldum, – Zaman Səyyahı halını pozmadı.
– Bu, tarixçinin lap xoşuna gələrdi, – Psixoloq qeyd etdi. – Məsələn, keçmişə yollanıb Hastinqs döyüşünün məşhur təsvirinin dürüstlüyünü yoxlaya bilərdi!
– Bəs siz hər iki tərəfdən hücuma məruz qalacağınızdan qorxmazdınız? – Həkim dedi. – Əcdadlarımız tarixi səhvləri o qədər də xoşlamırdılar.
– Homer, ya Platonun özündən yunan dilini öyrənmək olardı, – Çox Cavan Oğlan dilləndi.
– Bu halda, əlbəttə ki, imtahandan kəsilərdiniz. Alman alimləri qədim yunan dilini elə tanınmaz hala gətiriblər ki!..
– Onda, ən yaxşısı, gələcəyə yollanmaqdır! – Çox Cavan Oğlan ucadan söylədi. – Pullarını faizlə banka qoya bilərsən!
– Birdən ordakı cəmiyyətdə faiz hesabına varlanan banklar mövcud olmasa necə? – onun sözünü kəsdim.
– Çox əcaib nəzəriyyə oldu!.. – Psixoloq özünü saxlaya bilmədi.
– Hə, əvvəllər mənə də elə gəlirdi, lakin indi…
– İndi bunu təcrübənizlə sübuta yetirmisiniz! – onun fikrini havada tutdum, – və siz bunu əyani surətdə…
– Əyani sübutu tələb edirəm! – mühakimələrdən bezən Filbi çığırdı.
– Səbrimiz tükəndi, öz təcrübənizi nümayiş etdirin, – Psixoloq həyəcanlandı, – hərçənd bu, cəfəngiyatdır.
Zaman Səyyahı gülümsəyərək nöbvə ilə hamımızı süzdü. Sonra elə həmin istehzalı təbəssümlə otağı tərk etdi. Sonu laboratoriyaya aparan uzun dəhliz boyu onun uzaqlaşan addım səslərini eşitdik. Psixoloq bizə baxdı:
– Görəsən, niyə ora getdi?
– Yəqin, bizə fokus göstərəcək, – Həkim dedi.
Filbi Barslemdə rastlaşdığı gözbağlayıcı haqda təzəcə söhbətə başlamışdı ki, otağa qayıdan Zaman Səyyahı onu yarımçıq qoydu.

2. Zaman Maşını
O, əlində masaüstü saatdan bir az böyük olan parlaq metal əşya tutmuşdu. Bu əşya fil sümüyündən və büllur kimi şəffaf hansısa maddədən düzəldilmişdi. Bundan sonra baş verən ağlasığmaz olayları təsvir etmək üçün diqqətli olmağa çalışacam. Ev sahibi otaq boyu düzülmüş səkkizbucaqlı kiçik masalardan birini buxarıya yaxınlaşdırdı. Özü də bunu elə etdi ki, onun iki ayağı buxarının önündəki xalçanın üstünə düşdü. O öz aparatını bu masanın üzərinə qoydu. Sonra stulu çəkib oturdu. Masada aparatdan savayı ətrafı parlaq işıqlandıran qapaqlı lampa da vardı. Ümumiyyətlə, otaq yetərincə işıqlı idi. Mən alçaq kürsüyə oturub onu ocağa elə yaxınlaşdırdım ki, düz buxarı ilə Zaman Səyyahının arasında qaldım. Filbi yerini arxada rahatladı və baş verənləri onun çiynindən seyr etməyi qərarlaşdırdı. Həkim və Əyalət Meri sağdan, Psixoloqsa soldan müşahidə etmək istədi. Çox Cavan Oğlan Psixoloqun arxasında dayandı. Bu şəraitdə hətta ən fəndgir hiylə ilə belə bizləri aldatmaq ağlasığmaz olardı.
Zaman Səyyahı aparatı əlinə götürdü.
– Bu kiçik mexanizm, sadəcə, modeldir, – masaya dirsəklənən Zaman Səyyahı söylədi. Zaman Maşınını onun nümunəsi ilə düzəldirəm. Aparatın qeyri-adi görünüşə malik olduğunu, yəqin ki, hiss edirsiniz; məsələn, bu lövhəciyin qəribə səthi var, sanki o qədər də həqiqi deyil.
O, barmağı ilə modelin hissələrindən birinə işarə etdi.
– Bax burda balaca ağ bir ling var, burada isə başqası.
Həkim stuldan qalxıb modeli nəzərdən keçirməyə başladı.
– Çox maraqlıdır, – söylədi.
– Onun üzərində iki il çalışmışam, – biz hamımız modeli seyr edəndən sonra Zaman Səyyahı dilləndi və əlavə etdi: – Əgər bu lingi dartsam, maşın gələcəyə sürüşməyə başlayacaq. İkinci ling isə keçmişə aparır. Bu da Zaman Səyyahının oturacağı yəhərdir. İndi lingi basacam – və maşın işə düşəcək. O yoxa çıxacaq, yəni gələcəyə gedəcək. Masaya da diqqətlə baxın və bunun fokus olmadığına əmin olun. Modelin yəhərində oturmaq mümkün olmadığından onsuz da onu itirmək məcburiyyətində qalacam. Amma bunun əvəzində fırıldaqçı adını qazanmaq da istəməzdim.


Ortaya birdəqiqəlik sükut çökdü. Psixoloq sanki nəsə demək istədi, amma fikrini dəyişdi. Zaman Səyyahı barmağını lingə tərəf uzatdı.
– Yox, – birdən söylədi. – Siz əlinizi uzadın. – O, Psixoloqa tərəf çevrilib dirsəyindən tutdu və şəhadət barmağını lingə toxundurmasını xahiş etdi.
Beləcə, Psixoloq Zaman Maşınının modelini sonsuz səyahətə göndərdi. Biz hamımız lingin necə çevrildiyini gördük. Mən burda heç bir yalan olmadığına özüm kimi əminəm. Havada nəsə titrədi, lampanın işığı göz vurdu. Buxarının üstündə olan şamlardan biri söndü. Model yırğalandı, dumanlandı, bir an gözümüzə kölgə kimi göründü və sonra yoxa çıxdı. Masanın üstündə yalnız lampa vardı. Bir dəqiqə hamı donub-qaldı. Sonra Filbi “Lənət şeytana!” söylədi. Təəccübdən gözləri bərələn Psixoloq masanın altına baxdı. Zaman Səyyahı onun bu hərəkətini qəhqəhə ilə qarşıladı.
Biz matdım-matdım bir-birimizə baxdıq.
– Siz, həqiqətən də, ixtiranızın Zaman boyu səyahətə yollandığına inanırsınız? – Həkim dilləndi.
– Zərrə qədər də şübhə etmirəm, – o, əlindəki tənbəki çubuğundan bir qullab alıb Psixoloqa baxdı. – Üstəlik, onu da deyim ki, artıq böyük maşınım belə, de- mək olar ki, hazırdır… Bax orda. – Zaman Səyyahı barmağını laboratoriyasına tərəf uzatdı. – Tam hazır olan kimi sizi səyahətə dəvət edəcəm.
– Siz bu maşının gələcəyə yollandığını söyləyirsiniz? – Filbi soruşdu.
– Keçmişə, ya gələcəyə – dəqiq bilmirəm.
– Dayanın, – Psixoloq cuşa gəldi. – Əgər o, həqiqətən də, harasa yollanıbsa, bu, mütləq keçmiş olmalıdır.
– Niyə? – Zaman Səyyahı soruşdu.
– Ona görə ki əgər o, Fəzada hərəkət etməsəydi və gələcəyə yollansaydı, həmişə bizimlə qalardı: axı biz də ora səyahət edirik!
– Amma əgər o, keçmişə yollansaydı, – mən əlavə etdim, – biz onu ötən cümə axşamı burda olarkən, ya da ondan əvvəlki həftə görə bilərdik! Geriyə saydığım günlərin sayını istənilən qədər artırmaq olar!
– Maraqlı etirazdır! – Əyalət Meri qeyd etdi və qərəz dolu baxışlarını Zaman Səyyahına dikdi.
– Heç də yox, – Zaman Səyyahı dedi və bu dəfə Psixoloqa müraciət etdi: – Siz özünüz bunu rahat izah edə bilərsiniz.
– Əlbəttə, – Psixoloq bizə anlatmağa çalışdı. – Psixoloji nöqteyi-nəzərdən izah çox sadədir. Biz havada uçan güllə tək eynilə bu maşının hərəkətini də görə bilmərik. Əgər maşın gələcəyə doğru bizdən yüz dəfə sürətlə hərəkət edirsə, əgər biz saniyəni ötüb-keçə bildiyimiz vaxtda o, rahatlıqla dəqiqəni arxada qoya bilirsə, əlbəttə, maşını görmək qeyri-mümkündür. – O, əlini az əvvəl aparatın dayandığı yerə sürtdü. – Anlayırsınız?
– Bu gün baş verənlərə inanmaq istərdim, – Həkim cavab verdi, – amma gəlin sabahacan gözləyək. Necə deyərlər, axşamın xeyrindənsə səhərin şəri yaxşıdır.
– Zaman Maşınına baxmaq istəmirsiniz ki? – Zaman Səyyahı soruşdu.
Sonra o, lampanı götürüb bizi uzun dəhlizin sonunda yerləşən laboratoriyasına apardı. Lampanın sayrışan işığını, onun irəlidə görünən iri başını, divarlarda oynayan kölgələrimizi yaxşı xatırlayıram. Biz hələ də baş verənlərə şübhə ilə yanaşa-yanaşa laboratoriyadakı maşını diqqətlə seyr etdik. Onun bəzi hissələri nikeldən, digərləri fil sümüyündən və hətta dağ büllurundan düzəldilmişdi.
– Onun Zaman Maşını olduğuna heç inanmağım gəlmir, – Həkim söylədi. – Yoxsa ötən Milad bayramında bizə nümayiş etdirdiyiniz kabus kimi bu da növbəti fokusunuzdur?
– Bu maşınla, – əlindəki lampanı yuxarı qaldıran Zaman Səyyahı dedi, – Zamanı tədqiq etmək niyyətindəyəm. Anlayırsınız? Tam ciddi sözümdür.
Onun bu sözlərinə necə münasibət bəsləyəcəyimizi bilmirdik. Həkimin arxasından boylananda baxışlarım Filbinin nəzərləri ilə toqquşdu. O, çoxmənalı şəkildə mənə göz vurdu.

3. Zaman Səyyahı qayıdır
Zənnimcə, o vaxt bizlərdən heç biri Zaman Maşınına inanmamışdı. Zaman Səyyahı elə həddən artıq ağıllı adamlardan idi ki, ona kor-koranə inanmaq səfehlik olardı. Əgər həmin modeli bizə Filbi göstərsəydi və onun sayəsində Zamanda səyahət etməyin mümkün olduğunu söyləsəydi, biz eşitdiklərimizə daha çox etibar edərdik. Filbini hətta ən sadəlövh insan belə anlaya bilərdi. Amma Zaman Səyyahı çox qəribə idi və biz ona inanmaqda çətinlik çəkirdik. Ağlı başında olan adam Zaman Səyyahının zarafat xətrinə də olsa onu ələ salacağından çəkinirdi. Yəqin, elə bu səbəbdəndir ki, növbəti həftə heç birimiz Zamanda səyahət barədə bir kəl- mə belə kəsmədik, hərçənd hamımızı maraq bürümüşdü.
Növbəti cümə axşamı yenidən Riçmonda yollandım və qonaq otağında dörd-beş tanışımla rastlaşdım.
Həkim bir əlində kağız, digərində saat buxarının qarşısında dayanmışdı. Ətrafa boylandım: Zaman Səyyahı gözümə dəymədi.
– Səkkizin yarısıdır, – Həkim dilləndi. – Zənnimcə, masa arxasına əyləşmək vaxtıdır.
– Bəs ev sahibi haradadır? – mən soruşdum.
– Bax, əlimdə tutduğum bu kağızda o bizdən saat yeddidə masa arxasında əyləşməyi xahiş edir. Yazdığına görə, özü gecikə bilər. Burada deyilir ki, gələndə hər şeyi izah edəcək.
– Heç şam yeməyi ab-havasının pozulmasını istəməzdim, – məşhur bir qəzetin Redaktoru dilləndi.
Həkim zəngi çaldı.
Biz süfrə arxasına əyləşdik. Bu dəfə masa arxasında ötəndəfəki qonaqlardan yalnız Həkim, Psixoloq və mən oturmuşduq. Əvəzində yeni qonaqlar təşrif buyurmuşdu. Bunlar az əvvəl adını çəkdiyim Redaktor və o qədər də yaxından tanımadığım bir Jurnalist idi. Hamı şam edə-edə ev sahibinin indi harada olması barədə mülahizələr yürüdürdü. Mən zarafata salıb onun Zamana səyahət etdiyini söylədim. Redaktor məsələnin təfsilatına varmaq istədi və Psixoloq ötən həftə baş verənlər haqda uzun-uzadı söhbət etdi. Elə düz söhbətin ortasında otağın qapısı yavaşca aralandı və mən onu gördüm.
– Oh! – ucadan səsləndim. – Nəhayət ki! – Qapı taybatay açıldı və biz Zaman Səyyahının içəri girməsinin şahidi olduq.
– Aman Allah, sizə nə olub? – Həkimlə mən eyni vaxtda çığırdıq.
Masa arxasında oturanların hamısı qapıya tərəf çevrildi.
Zaman Səyyahının üst-başı toz içindəydi, saçları pırtlaşıq və çirkliydi. Bənizi də ağarmışdı, çənəsində dərin yara vardı, gözlərindən məyusluq və yorğunluq yağırdı. O, bir dəqiqə qapının ağzında dayandı, sonra axsaya-axsaya içəri keçdi. Biz hamımız sakitcə ona baxır və nə deyəcəyini gözləyirdik.
Zaman Səyyahı bir kəlmə kəsmədən ayaqlarını sürüyə-sürüyə masaya yaxınlaşdı və əli ilə şampan şüşəsinə işarə etdi. Redaktor ona şampan şərabı süzdü. Zaman Səyyahı qədəhi birbaşa başına çəkdi və sanki bir az yüngülləşdi. O, masa arxasında oturanlara ötəri nəzər saldı və üzündə həmişəki təbəssümü oynadı.
– Nə baş verib? – Həkim soruşdu.
– Narahat olmayın, – Səyyah dili topuq vura-vura söylədi. – Hər şey qaydasındadır. Gedim vanna qəbul edim, paltarımı da dəyişim. Sonra gəlib sizə başıma gələnləri danışaram… Yalnız mənə bir tikə qoyun əti saxlayın. Elə istəyirəm ki, dilimə ət yeməyi dəysin!
O, əlindəki qədəhi masaya qoyub qapıya tərəf yönəldi. Mən yenidən onun axsadığına və ayağını sürüdüyünə fikir verdim. Zaman Səyyahının ayağında cırıq- cırıq olmuş və qana bulaşmış corablardan savayı heç nə yox idi. Qapı örtüldü. Onun ardınca getmək istədim, lakin Zaman Səyyahının artıq təlaş xoşlamadığını xatırlayıb fikrimdən daşındım.
– Məşhur alim özünü qəribə aparır, – qəzet dilində danışmağı xoşlayan Redaktor dilləndi.
– Görəsən, nə baş verib? – Jurnalist soruşdu. – Olmaya, bu dəfə avara rolunu oynayır? Heç nə anlamadım.
Psixoloqla bir-birimizə baxdıq və onun nəzərlərindən anladım ki, o da mənimlə eyni şeyi düşünür. Mən Zaman içində səyahət və indi ayağını çəkən Səyyah haqqında düşündüm. Deyəsən, onun axsadığını məndən savayı sezən olmamışdı. Az əvvəl qarşılaşdığı mənzərənin təsirindən ilk özünə gələn Həkim oldu. O, zəng çaldı və xidmətçiyə növbəti xörəyi gətirməsini tapşırdı. Zaman Səyyahı yemək vaxtı qulluqçunun otaqda olmasını heç xoşlamırdı. Burnunun altında mızıldanan Redaktor çəngəl-bıçağa əl atdı. Beləcə, hamı təzədən yeməyə başladı. Marağını heç cür gizlədə bilməyən Redaktor dilləndi:
– Görəsən, dostumuz öz büdcəsini dilənçilik hesabına artırmır ki?
– Onun halının Zaman Maşını ilə bir əlaqəsi olduğuna əminəm, – mən az əvvəl Psixoloqun yarımçıq qalan söhbətini davam etdirə-etdirə ötən həftə gördüklərimizdən danışdım. Yeni qonaqların eşitdiklərinə şübhə ilə yanaşdıqları üzlərindən bəlli idi. Redaktor hətta etiraz etməyə başladı.
– Bu, cəfəngiyatdır!
Bu da azmış kimi, hətta ələ saldı:
– Məgər Gələcəkdə paltar şotkası yoxdur ki, üst-başı belə toz içindədir?
Jurnalist də eşitdiklərinə heç cür inanmaq istəmirdi. O da Redaktora qoşulmağa hazırlaşırdı ki, Zaman Səyyahı yenidən otağa qayıtdı. İndi onun əynində səliqəli kostyum vardı.
– Eşidirsiniz, – Redaktor şən səslə dedi, – bu zarafatcıllar sizin gələn həftənin ortasına səyahət etdiyinizi söyləyirlər!.. Sərgüzəştlərinizdən bir az bizə də danışmaq istəmirsiniz ki? Buna görə sizə nə qədər qonorar verək?
Zaman Səyyahı deyilənləri qulaqardına vurub masaya yaxınlaşdı.
– Hanı mənim qoyun ətim? – soruşdu. – Çəngəli yenidən qızardılmış ətə batırmaq necə böyük xoşbəxtlikdir!
– Mövzunu dəyişməyin! – Redaktor qışqırdı.
– Lənət şeytana! – Zaman Səyyahı ucadan səsləndi. – Acından ölürəm. Kəmərimin altını bərkitməmiş heç nə danışan deyiləm. Çox sağ olun. Zəhmət olmasa, duzu da verin.
– Yalnız bircə söz, – dedim. – Siz Zamanda səyahət etmisiniz?
– Hə, – Səyyah əti ləzzətlə çeynəyə-çeynəyə söylədi.
– Hər sətrə bir şillinq[2 - Şillinq – funt-sterlingin 1/20-nə bərabər ingilis pul vahidi] verməyə hazıram! – Redaktor dilləndi.
Zaman Səyyahı yenə əhvalını pozmayıb yeməyə davam etdi. Nahar mənə çox uzun gəldi. Sual verməkdən özümü güclə saxlayırdım. Jurnalist otağa çökən gərginliyi azaltmaq məqsədilə lətifə danışmağa cəhd etdi. Həkim gözlərini qıyıb elə hey Zaman Səyyahına baxırdı. O isə heç nə baş verməyibmiş kimi qarşısındakı yeməyi xüsusi iştahla yeyirdi. Səyyah, nəhayət, boşqabını bir kənara çəkib masa arxasında əyləşənləri növbə ilə süzdü.
– Hamınızdan üzr istəyirəm, – o dedi. – Acından ölürdüm. Başıma gələnlərsə çox maraqlıdır.
O, qutudan siqar götürüb ağzına yaxınlaşdırdı.
– Gəlin o biri otağa keçib yerimizi rahatlayaq. Hekayətimə çirkli boşqablarla dolu süfrə arxasında oturub uzun-uzadı qulaq asmaq ürəyinizcə olmayacaq.
Sonra o bizi siqaret çəkmək üçün nəzərdə tutulmuş qonşu otağa apardı.
– Bugünkü qonaqlara Maşın haqda nəsə söyləmisinizmi? – kresloya yayxanan Zaman Səyyahı üç yeni qonağa işarə ilə məndən soruşdu.
– Amma bu, inanılmazdır, – Redaktor özünü saxlaya bilmədi.
– Bu gün mübahisə etmək iqtidarında deyiləm. Yalnız danışa bilərəm. İstəyirsiniz, başıma gələnləri sizlərə nağıl edim. Amma bir xahişim var, sözümü kəsməyin. Bilirəm, söyləyəcəklərim sizə inandırıcı gəlməyəcək. Qoy olsun! Amma deyəcəklərimin hamısı əvvəlindən sonunadək həqiqətdir… Bu gün gündüz saat dörddə adəti üzrə öz laboratoriyamda idim və həmin andan etibarən… üç saata səkkiz gün yaşadım… Hələ heç bir insanın yaşamadığı səkkiz gün! Çox yorulmuşam, lakin başıma gələnləri danışmamış yatan deyiləm. Yalnız onda gözümə yuxu gedər. Bircə sözümü kəsməyin! Razısınız?
– Razıyam, – Redaktor söylədi.
Biz hamımız xorla təkrar etdik:
– Razıyıq!
Beləcə, Zaman Səyyahı son üç saatda yaşadıqlarını nağıl etməyə başladı.

4. Zamanda səyahət
– Ötən cümə axşamı bəzilərinizə Zaman Maşınının necə işlədiyini və hətta onun özünü belə göstərmişəm. O elə indi də laboratoriyamdadır, hərçənd səyahət nəticəsində bir az korlanıb. Əsas hissələrindən biri çatlayıb, tunc zolağı da əyilib, amma qalan yerləri sağ-salamatdır. Onu hələ cümə günü işlək vəziyyətə gətirmək niyyətində idim, lakin işin sonunda nikel detaldan birinin lazım olandan qısa alındığını gördüm. Onu təzədən düzəldəsi oldum. Elə o səbəbdən Maşınımla bağlı işləri yalnız bu gün başa çatdıra bildim. Beləcə, artıq səhər saat onda dünyada ilk Zaman Maşını adını alacaq aparatım səyahətə hazır vəziyyətdə idi. Sonuncu dəfə yan-yörəsinə keçib vintləri yoxladım və yəhərə oturdum. Bir əlimlə işəsalma lingindən, digəri ilə əyləcdən tutdum. Əvvəl birini və anındaca o birini burdum. Səndələdiyimi, bir də sanki harasa düşdüyümü hiss elədim. Amma ətrafa boylananda laboratoriyadan kənara çıxmadığımı anladım. Olmaya heç nə baş verməmişdi? Bəlkə, nəzəriyyəm kökündən səhv idi? Saata baxdım. Bir dəqiqə əvvəl əqrəblər on biri göstərirdi, indisə dördün yarısı idi!


Mən dərindən ah çəkib dişlərimi qıcadım və hər iki əlimlə işəsalma lingini burdum. Laboratoriya dumanlı şəkil aldı. Elə bu vaxt təsərrüfat müdirəsi missis Uotçet içəri girdi və heç məni sezmədən bağçaya açılan qapıya tərəf getdi. Bu məsafəni qət etmək üçün, yəqin ki, ona təxminən bir dəqiqə lazım oldu. Mənəsə elə gəldi ki, o, raket sürəti ilə ötüb-keçdi. Bu dəfə lingi var gücümlə burdum. Anındaca araya qaranlıq çökdü, sanki lampanı söndürdülər, amma elə növbəti anda məkan yenidən işıqlandı. Laboratoriya getdikcə kölgəyə çevrildi. Birdən yenidən gecə düşdü, sonra səhər, onlar beləcə durmadan artan sürətlə bir-birini əvəzlədi. Qulaqlarım uğuldayırdı və sanki elə hey aşağı yuvarlanırdım. Bir sözlə, özümü çox pis hiss edirdim. Tezliklə laboratoriyamın tutqun cizgiləri belə tamamilə yoxa çıxdı və mən hər dəqiqə şərqdən qərbə sıçrayan günəşi, gah kiçilən, gah da bədirlənən ayı gördüm. İşıqla qaranlığın bir anda əvəzlənməsi gözlərimi yorurdu. Beləcə, dayanmadan artan sürətlə irəliləyirdim. Nəhayət, gecə ilə gündüz bütöv bir boz pərdəyə çevrildi və göyün üzü erkən ala-toranın rənginə boyandı. Ora-bura çırpınan günəş qızılı zolağa, ay isə zəif axan işartıya çevrildi. Mən artıq ulduzları belə görmürdüm və yalnız ara-sıra səmanı dövrələyən işıqlı çevrələr sezirdim.
Ətrafımda hər şey dumanın nazik pərdəsinə bürünmüşdü. Mən hələ də evimin yerləşdiyi təpənin yamacında idim. Ağaclar böyüyərək tüstü burumlarıtək formalarını dəyişir və sonda qeybə çəkilirdi. Nəhəng gözəl binalar da peyda olduğu kimi asanlıqla yoxa çıxırdı. Yer üzü gözlərimin qarşısında cilddən-cildə düşürdü. Maşının sürətini göstərən əqrəblər dayanmadan, sürətlə fırlanırdı. Günəşin gah şimala, gah da cənuba doğru hərəkətini göstərən zolaqdan bir ili bir dəqiqəyə yaşadığımı anladım.
İndi özümü o qədər də pis hiss etmirdim. Lakin birdən məni hiddət bürüdü. Maşının qəribə şəkildə yırğalandığını hiss etdim, amma səbəbini anlamadım. Ağlım qarışmışdı və mən dəlicəsinə gələcəyə doğru uçurdum. Dayanmaq fikrində deyildim, bu yeni hislərimin fövqündə sanki hər şeyi unutmuşdum. Lakin tezliklə bu hislər qorxuqarışıq maraqla əvəzləndi: “Əgər elə indi dayanıb dünyaya göz gəzdirsəm, bəşəriyyətin gələcəkdə əldə etdiyi nailiyyətlərin şahidi ola bilərəm!” Mən yaşadığım dönəmdə inşa edilən binalardan qat-qat nəhəng tikililər görürdüm. Bir də təpənin döşünün ilboyu yaşıl don geyindiyini sezdim. Bu mənzərə məni valeh etmişdi. Onu daha yaxından hiss etmək üçün Maşını dayandırmaq qərarına gəldim.
Amma ehtiyatlı olmalıydım. Hara düşəcəyimi və məni orada nə gözləyəcəyini bilmirdim. Digər tərəfdən də Maşının yorucu titrəyişi və fasiləsiz aşağı enmə hissi əsəblərimə toxunurdu. Əslində, artıq heç vaxt dayana bilməyəcəyimdən qorxsam da, özüm də bilmədən əyləci basdım. Maşın anındaca çevrildi və mən sürətlə boşluğa yuvarlandım.
Sanki qulağımın dibində ildırım çaxdı. Bir an heç nə eşitmədim. Sonra çətinliklə də olsa, oturub ətrafa nəzər saldım. Dolu yağırdı. Əvvəlcə hər şeyi boz rəngdə görsəm də, tədricən duman seyrəldi, üstəlik, qulağımdakı uğultunun keçib-getdiyini hiss etdim. Yenidən ətrafa boylandım: bənövşəyi və al-qırmızı çiçəklərlə dolu çəmənlik göz oxşayırdı. Tappıltı ilə yerə dəyən dolu Maşınımın üzərindən oyan-buyana uçur, əriyir və torpağa qarışırdı. Bir anın içində başdan-ayağa islandım. “Əcəb qonaqpərvərlikdi, – söylədim, – bura düşmək üçün gör neçə il yol gəlmişəm”.
Daha da islanmamaq üçün ayağa qalxdım. Dumanın imkan verdiyi qədər irəli boylandım və böyük ehtimalla hansısa ağ daşdan hörülmüş nəhəng bir fiqur sezdim. Bundan artığını görmək mümkün deyildi.
Hislərimi ifadə etməkdə çətinlik çəkirəm. Dolu səngiyəndə ağ fiquru diqqətlə müşahidə etdim. O, ağ mərmərdən yonulmuşdu və Sfinksi xatırladırdı, lakin qanadları bədəninə yapışmamış, əksinə, geniş açılmışdı, sanki uçmağa hazırlaşırdı. Çox nəhəng idi. Hündür qovaq ağacı onun yarısına çata bilərdi. Sfinksin pyedestalı, deyəsən, tuncdan düzəldilmişdi və zamanın təsirinə məruz qalmışdı. Onun üzü düz mənə tuşlanmış, kor gözləri sanki mənə zillənmişdi, dodaqlarında isə təbəssüm vardı. Bəlkə, yarım dəqiqə, bəlkə də, yarım saat ona baxdım. Nəhayət, baxışlarımı fiqurdan çəkdim. Dolu artıq kəsmişdi. Göyün üzü açılmışdı və tezliklə günəşin görünəcəyi bəlliydi.
Yenidən Sfinksə nəzər saldım və birdən Zaman Maşını ilə səhayətin, əslində, dəlisov fikir olduğunu dərk etdim. Görəsən, duman tamamilə çəkiləndən sonra nə görəcəkdim? Bəlkə, insanlar bu müddət ərzində daha da qəddarlaşıblar? Bəlkə də, onlar simalarını tamam itiriblər və əcaib bir varlığa çevriliblər? Bəs birdən insanabənzər vəhşi bir məxluqla rastlaşsam?
Yenidən ətrafa boylandım. Bu dəfə arxası meşəyə söykənmiş məzəli məhəccərləri və hündür sütunları olan nəhəng evlər gördüm. Canıma vəlvələ düşdü. Dəli kimi Zaman Maşınına tərəf qaçdım və onu yenidən işə salmağa çalışdım. Mənə naməlum olan bu dünyada özümü çox tənha hiss edirdim. Yəqin, quzğunun hücumuna məruz qalan quşcuğaz da eyni hissləri keçirir. Bütün gücümü toplayıb Maşına dayaqlandım və dişlərimi qıcayıb onu çevirməyə cəhd elədim. Çətinliklə də olsa, bunu bacardım. Nəfəsimi dərib bir əlimlə oturacaqdan, digəri ilə lingdən yapışıb Maşına dırmaşmağa hazırlaşdım.
Lakin geri çəkilməyə hazır olduğum anda yenidən cürətləndim. Uzaq gələcəyin bu dünyasını tanımaq istəyim qorxuma qalib gəldi. Yaxınlıqdakı evin tağının altında genbalaq paltarlı bir neçə fiqur gördüm. Onlar da məni sezdilər. Sonra səslər eşitdim. Ağ Sfinksin arxasındakı kolluqdan mənə tərəf qaçan adamların başları və çiyinləri göründü. Onlardan biri Maşına doğru yön alan cığıra sıçradı. Bu, balaca bir varlıq idi – boyu dörd futu ötməzdi. Əynində al-qırmızı rəngdə, dizlərinə qədər uzanan gen köynək vardı. Ayaqlarına səndələbənzər bir şey geyinmişdi. Onun yüngül geyimi burda havanın mülayim olmasına dəlalət edə bilərdi.
Bu adam mənə qeyri-adi gözəl, zərif, amma eyni zamanda həddindən artıq kövrək məxluq təsiri bağışladı. Sanki bu adamcığaza əl dəysəydim, ovulub töküləcəkdi. Onu görən kimi Gələcəkdə qalmaq əminliyim birə-beş artdı və mən əlimi Maşından çəkdim.

5. Qızıl Əsrdə
Bir neçə saniyədən sonra biz artıq üz-üzə dayanmışdıq – mən və bu uzaq gələcəyin xəfif varlığı. O, cəsarətlə mənə yaxınlaşıb mehribanlıqla gülümsündü. Bu varlığın qarşısındakından zərrə qədər də ürkməməsi məni heyrətləndirdi. O, ardınca gələn iki həmvətəninə tərəf çevrilib onlara qəribə olduğu qədər də zərif və cingiltili dildə nəsə söylədi. Bu arada qalanları da özünü çatdırdı və beləliklə, səkkiz-doqquz nəcib varlığın əhatəsində qaldım. Onlardan biri mənə nəsə bir sual verdi. Bilmirəm niyə, amma nədənsə mənə elə gəldi ki, səsim onlara çox kobud görünəcək. Elə bu səbəbdən başımı bulamaqla və qulaqlarıma işarə etməklə kifayətləndim. İlk xitab edən varlıq bir addım irəli çıxdı, azacıq tərəddüd etsə də, sonra ehmalca əlini mənə toxundurdu. Çiynimdə və kürəyimdə daha bir neçə belə zərif toxunuş hiss elədim. Onlar mənim, həqiqətən də, mövcud olduğuma inanmaq istəyirdilər. Hərəkətlərində adamı qorxuya salacaq heç nə yox idi. Əksinə, bu balaca varlıqlarda etibar doğuracaq bir şey, zəriflik, uşaq təbiiliyi vardı. Bir də onlar elə kövrək idilər ki, lazım gələrsə, onunu birdən əzmək olardı. Amma həmin varlıqların Maşını əlləşdirdiyini görəndə hər ehtimala qarşı ehtiyatlı tərpənməyi qərara aldım. Üstəlik, bayaqdan yadımdan çıxardığım bir məqamı xatırladım. Maşın işə düşüb yoxa çıxa bilərdi. Elə bu səbəbdən onu hərəkətə gətirə biləcək lingləri çıxarıb cibimə qoydum. Sonra yeni rastlaşdığım adamcığazlara tərəf çevrilib onlarla necə dil tapacağımı beynimdə saf-çürük etdim. Çini heykəlcikləri xatırladan fiqurlarını diqqətlə gözdən keçirdim. Onların qısa saçları eyni cür qıvrım idi. Üzlərində tükdən əsər-əlamət yox idi. Qulaqları adamı heyrətləndirəcək qədər balaca idi. Ağızları, həmçinin kiçik, al-qırmızı dodaqları nazik, çənələri sivri idi. Gözləri isə iri idi.
Onlar artıq mənimlə anlaşmağa çalışmır, bir-birinə nəsə söyləyib gülümsəyirdilər. Söhbətə ilk mən başladım. Şəhadət barmağımla əvvəlcə Zaman Maşınını, sonra özümü göstərdim. Bu arada Zaman məfhumunu necə izah edəcəyimi düşünüb günəşə işarə etdim. Al-qırmızı rəngdə dama-dama paltar geyinmiş varlıq jestimi anındaca təkrarladı və ildırımı yamsılayırmış kimi qəribə bir səs çıxardı.
Bir anlıq təəccübləndim, axı jestimin mənası yetərincə aydın idi. Birdən ağlıma belə bir fikir gəldi: deyəsən, qarşımdakı insanlar elə də ağıllı deyillər. Bu fikrimə necə heyrətləndiyimi təsəvvürünüzə belə gətirə bilməzsiniz. Axı həmişə elə düşünürdüm ki, düşdüyüm səkkiz yüz iki mininci ilin insanları həm elmdə, həm incəsənətdə, ümumiyyətlə, hər şeydə bizdən qat-qat irəli gedib. Yeri gəlmişkən, bu rəqəmləri Maşınımın sayğa- cında görmüşdüm. İndi, budur, qarşımdakıların ağlı mənə beşyaşlı uşağın təfəkkürünü xatırladırdı. Olmaya onlar mənim, həqiqətən də, ildırım çaxarkən günəşdən düşdüyümü düşünürdülər? Bir tərəfdən də bu varlıqların al-əlvan geyimi, kövrək bədən quruluşları, həddən artıq zərif üz cizgiləri… Qəribə peşmançılıq hissi keçirdim və bir anlıq Maşını düzəldərkən bir-birinə caladığım yuxusuz gecələrə heyifsiləndim.


Razılıq əlaməti olaraq başımı tərpədib yenidən günəşi göstərdim. Üstəlik, ildırımı elə məharətlə yamsıladım ki, hamısı arxaya sıçrayıb qorxudan yerə oturdu. Amma tez də ürəkləndilər və biri gülə-gülə əlində tanımadığım çiçəklərdən hörülmüş çələnglə mənə yaxınlaşdı. O, yerlilərinin şən sədaları altında çələngi boynumdan asdı. Bu da azmış kimi, hərəsi bir tərəfdən çiçək dərib məni gül yağışına qərq elədi. Bu uzaq Gələcəkdə təbiətin necə yeni gözəl güllər yaratdığını təsəvvürünüzə belə gətirə bilməzsiniz. Sonra, deyəsən, onlardan biri məni elə bu vəziyyətdə yaxınlıqdakı binalardan birində kiməsə göstərməyi təklif etdi və onlar məni çat-çat olmuş, bozarmış hündür daş saraya apardılar.

Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/gerbert-uells/zaman-masini-68289754/) на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

notes

1
Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi

2
Şillinq – funt-sterlingin 1/20-nə bərabər ingilis pul vahidi
Zaman maşını Герберт Джордж Уэллс

Герберт Джордж Уэллс

Тип: электронная книга

Жанр: Классическая проза

Язык: на азербайджанском языке

Издательство: Altun Kitab / Алтын Китаб

Дата публикации: 17.04.2024

Отзывы: Пока нет Добавить отзыв

О книге: Zaman maşını, электронная книга автора Герберт Джордж Уэллс на азербайджанском языке, в жанре классическая проза

  • Добавить отзыв